Nəyə görə hədislərdə ağılı işlətmək barədə heç nə deyilmir?
Və aleykum Salam. Uca Allah ağıllarını işlətmədiyinə görə kafirləri qınayır, çünki onlar Allahın Ucalığını fikirləşmirlər. Quranda bu mövzulu ayələr çoxdur. Hədislərdə də həmçinin. Elm baədə olan hədislər buna sübutdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Alimin abiddən (yalnız ibadət edəndən) olan üstünlüyü mənim sizin ən aşağı olanınızdan üstünlüyü kimidir". Sonra Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Allah və Onun mələkləri, səma və yer əhli, hətta yuvasındakı qarışqa və hətta balina belə insanlara xeyir öyrədənə salavat edirlər". (ət-Tirmizi, 2685).
"Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onu Cənnətin yoluna yönəldər. Həqiqətən, mələklər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs, hətta sudakı balıqlar belə alim üçün istiğfar edər (bağışlanma diləyər). Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü, ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər qızıl və gümüş miras qoymamışlar, onların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar". (ət-Tirmizi, 2682).
"Kim hər hansı bir elm öyrədərsə, ona öyrətdiyi elmə əməl edənin savabı verilir və (bu elmə) əməl edənin savabından heç bir şey əskilmir". (İbn Məcəh, 240).
"Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: "Axtardığınızın yanına gəlin!" - deyirlər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - (hər şeyi) onlardan daha yaxşı bildiyi halda - soruşur: "Qullarım nə deyirlər?" Mələklər: "Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər" - deyə cavab verirlər. Allah soruşur: "Məgər onlar Məni görüblərmi?" Mələklər deyirlər: "Xeyr, vallahi ki, onlar Səni görməyiblər!” Allah soruşur: "Bəs Məni görsəydilər, necə (olardı)?" Mələklər deyirlər: "Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar". Allah soruşur: "Onlar Məndən nə istəyirlər?” Mələklər deyirlər: "Onlar Səndən Cənnəti istəyirlər". Allah soruşur: "Məgər onlar Cənnəti görüblərmi?" Mələklər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər". Allah soruşur: "Bəs onu görsəydilər, necə (olardı)?" Mələklər deyirlər: "Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar". Allah soruşur: "Onlar (Mənə) nədən sığınırlar?" Mələklər: "Cəhənnəm odundan" - deyirlər. Allah soruşur: "Məgər onlar Cəhənnəmi görüblərmi?" Mələklər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhənnəmi görməyiblər". Allah soruşur: "Bəs onu görsəydilər necə (olardı)?" Mələklər deyirlər: "Əgər onu görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər!" Allah buyurur: "Şahid olun ki, Mən onları bağışladım!" Bu vaxt mələklərdən biri deyir: "Bu camaatın arasında olan filankəs onlarla (yoldaşlıq edən kimsələrdən) deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir". Onda Allah buyurur: "Bunlar elə insanlardır ki, onlarla oturub-duran adam bədbəxt olmaz". (əl-Buxari, 5929).
"Oturaraq Uca Allahı yad edən elə bir qövm yoxdur ki, onlar ayağa qalxdıqda belə deyilməsin: "Qalxın, Allah günahlarınızı bağışlamış və günahlarınız savablarla əvəz edildi". (ət-Tabərani, "Mu'cəmul-Kəbir", 639, 5907).
"Kim xeyir öyrənmək və ya öyrətmək üçün səhər məscidə gedərsə, ona tam bir həcc savabı verilər". (ət-Tabərani, "Mu'cəmul-Kəbir", 7346).
"Bizdən bir hədis eşidib onu olduğu kimi çatdıranın Allah üzünü ağ etsin! Ola bilsin ki, onu eşidən çatdırandan daha anlayışlı olsun!" (ət-Tirmizi, 2657). Həmçinin, oxuyun:
Hədislərə tabe olmağın vacibliyi