Fatihə surəsinin əvəzinə 3-cü və 4-cü rükətlərdə "Təsbihətil-Ərbəə" demək olar?

    04.06.2016
Kimdən: 
Könül
Sual: 
Salam Aleykum.her namazın 2ci rükətində qunut,yeni dua etmək vacibdirmi?birdəki namazın 3cu və 4cu rükətlərində fatihə surəsinin yerine 3defe təsbihat-ərbəə oxumaq olar mi?
Cavab: 

Və aleykum Salam.
1. Fərz namazlarında qunut tutulmur. Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) və səhabələr fərz namazlarında yalnız şiddətli müsibət vaxtlarında qunut tutardılar, adi vaxtlarda isə yalnız vitr namazında qunut duası ediblər. Ona görə də fərz namazlarında həmişə qunut tutmaq düzgün deyil. 
2. Namazın bütün rükətlərində əl-Fatihə surəsi oxunmalıdır. əl-Fatihə surəsinin əvəzinə "ət-Təsbihat əl-Ərbəa" - "dörd təsbih" (Subhənəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllah və Allahu Əkbər) zikrini demək düzgün deyil, çünki Peyğəmbər bunu ümumiyyətlə Quran ayəsi, xüsusilə əl-Fatihə surəsi hafizəsində qalmayan adama deməyi tövsiyyə etmişdir. Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufa demişdir: “Bir kişi Peyğəmbərin yanına gələrək dedi: “Mən Qurandan heç nə əzbərləyə bilmirəm. Mənə (namazda) oxumağa yetəcək qədər bir şey öyrət”. Peyğəmbər buyurdu: “De: Subhən-Allah, valhəmdulilləh, va lə iləhə illəllah, vallahu əkbər, va lə həulə va lə quvvətə illə billəh”. Həmin kişi dedi: “Ey Allahın Elçisi, bu (kəlmələr) Allah üçündür, bəs mənim üçün nədir?” Peyğəmbər buyurdu: “De: Allahım! Mənə rəhm et, mənə ruzi yetir, mənə salamatlıq ver və məni doğru yola yönəlt!” (Alla:hummər-həmni, varzuqni, va a:fini, vahdini:). O, ayağa qalxarkən əlləri ilə belə etdi. Bu vaxt Allahın Elçisi buyurdu: “Buna gəlincə, o, artıq əlini xeyirlə doldurmuşdur”. (Əbu Davud, 832; əd-Dəraqutni, 1197, 1210). Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Fatihə surəsini oxumayanın namazı qəbul de­yil­dir" (əl-Buxari, 756). Əli ibn Əbu Talib (Allah ondan razı olsun deyir) deyir: “Kitabın Fatihəsini oxumayanın namazı tamam deyildir, nöqsanlıdır”. (ət-Tirmizi, 248). Bu zikrlər namazda deyilən Fatihə surəsini əvəz edə bilməz. Belə edənin namazında naqislik əmələ gəlir və Fatihə surəsini demədiyi rükətlər sayılmır.

Teqlər: 
Paylaş: