"Bu gecə Rəbbim mənə gözəl bir surətdə gəldi" hədisi səhihdirmi?

    28.06.2016
Sual: 
Salamu aleykum. Hədis rəvayətlərində sonuncu Peyğəmbərimizin belə dediyi iddia edilir: «Bu gecə Rəbbim mənə gözəl bir surətdə gəldi və: «Ey Muhəmməd», – dedi. Mən də: «Buyur, Rəbbim. Əmrindəyəm», – dedim. Məndən: «Mələi Əlada olanların nələrdə yarışdıqlarını bilirsənmi», – deyə soruşdu. «Xeyr» dedim. Bundan sonra əlini çiynimin arasına qoydu. Hətta onun sərinliyini sinəmdə hiss etdim» (Tirmizi, Təfsir, Sad, (3231, 3232)). Xahiş edirəm bu hədisin səhih ya da zəif olması ilə bağlı açıqlama verəsiz.Bu cür hədisləri namaza təzə başlamaq istəyən və ya digər məzhəbin nümayəndələri oxuyur sonra da şübhə yayır.düzü mən də belə şeyin olmasına inanmıram.
Cavab: 
Və aleykum Salam. Bu hədis səhihdir, amma onu  düzgün başa düşmək lazımdır. Əvvəla bilməliyik ki, Uca Allahı bu dünyada olduğu surətdə görmək mümkün deyil: “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir” (əl-Ənam, 103). Allahı başqa məxluqlara oxşatmaq da haramdır: "Heç Ona oxşarını tanıyırsanmı?!" (Məryəm, 65)  "Onun bənzəri də yoxdur". (əl-İxlas, 4).
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Uca Allahı yuxuda öz surətində yox, başqa bir surətdə görmüşdür. Hədisi olduğu kimi təqdim edirik:
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Allah Elçisi salləllahu aleyhi və səlləm Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi salləllahu aleyhi və səlləm namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə dedi: “Sıralarda olduğunuz kimi qalın!” Sonra bizə tərəf dönərək buyurdu: “Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıl­dım. Birdən nama­zım­da mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirl­ər?” Mən dedim: “Bilmirəm!” Bunu üç dəfə təkrar­ladı. Gördüm ki, ovucunu (əlini) kürəklərimin arasına qoydu, hətta barmaqlarının ucları­nın sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əm­ri­nə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Kəffarələr haqqında”. O buyur­du: “Nədir onlar?” Mən dedim: “Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq”. Allah buyur­du: “Sonra nə haqda?” Mən dedim: “Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq”. (Allah buyurdu: “Kim belə edərsə, xeyir içində yaşayar, xeyir içində ölər və anadan doğulduğu kimi günahsız olar”). Allah buyur­du: “İstə!” Mən dedim: “Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istə­dikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin mə­həb­bətini qazanma­ğımı və məhəb­bə­tinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm”. (Allahummə inni əs'əlukə fi'ləl-xayrati va tərkəl-munkərati va hubbəl-mə­­sə­kini va ən təğfira li və tərhəməni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğayra məf­­tunin. Əs'əlukə hubbəkə va hubbə mən yuhibbukə və hubbə aməlin yuqarribu ilə hub­­bikə). Allah Elçisi salləllahu aleyhi və səlləm dedi: “Bu yuxu haq­dır, bunları yaxşıca öyrənin”. (ət-Tirmizi, 3235, 3543; İmam Əhməd, 22162; İbn Xuzeymə "Tövhid" 320; "əl-Albani "Səhih Muxtəsər əl-Uluv" 80/ 119; Ziləlul-Cənnə, 388; Mişkətul-Məsabih, 748). Həmçinin, oxuyun:
Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları
Hədislərə inanıb əməl etməyin vacibliyi
Teqlər: 
Paylaş: