Səhih Qüdsi Hədislər

    17.08.2018
Səhih qüdsi hədislər

Qüdsi hədis dedikdə Qurani kərimdə olmayan, lakin peyğəmbərin - Allahın ona salavatı və salamı olsun - hədis şəklində rəvayət etdiyi Allahın kəlimələri nəzərdə tutulur. Bu kitabda həmin hədislərin içindən səhih olanları seçilərək toplanmışdır.

 

ÖN SÖZ

     Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk olaraq hamı­nızı Allahın salamı ilə salamlayırıq.
     Allah Elçisi salləllahu aleyhi və səlləm Allahın Qurani-Kərimdə buyurduğu kimi: “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir” (ən-Nəcm, 3-4). Onun söylədiyi sözlər arasında “qüdsi” deyilən hədislərə rast gəlinir. Qüdsi hədis həm ləfz,[1] həm də məna cəhətdən Peyğəm­bərin salləllahu aleyhi və səlləm Rəbbindən rəvayət etdiyi hədislərə deyilir. Qüdsi hədislər mərtəbə etibarilə Qurani-Kərim ilə Peyğəm­bərin salləllahu aleyhi və səlləm hədisləri arasında bir yer tutmaqdadır. Çünki Qurani-Kərim həm ləfz, həm də məna etibarilə Uca Allahdan, Peyğəmbərin salləllahu aleyhi və səlləm hədisi isə həm ləfz, həm də məna etibarilə Peyğəm­bərimizə salləllahu aleyhi və səlləm aid edilir. Qüdsi hədis isə məna etibarilə Uca Allaha, ləfz etibarilə isə Peyğəmbərə salləllahu aleyhi və səlləm aid edilir. Bu hədislərə Uca Allaha nisbət oldunduğu üçün "qüdsi", yəni "müqəddəs" hədislər deyilir.
     Qüdsi hədislərlə Quran arasında olan fərq aşağıdakı kimi­dir:

  1. Qurani-Kərim bütövlüklə mütəvatirdir, Qüdsi hədislər isə belə deyildir.
  2. Qurani-Kərim bütövlüklə səhihdir və onda heç bir xəta yoxdur, qüdsi hədislərin arasında zəif, hətta batil və uydurma hədis­lərə rast gəlinir.
  3. Qurani-Kərim məxluq deyil, yəni yaradılmayıb. Qüdsi hədis­lər isə Allah Elçisinin salləllahu aleyhi və səlləm sözləridir, yəni məxluqdur.
  4. Qurani-Kərim həm məna, həm də ləfz etibarilə Allah­dandır. Qüdsi hədislər isə mənaca Allahdan, ləfz etibarilə Allah Elçisindəndir salləllahu aleyhi və səlləm.
  5. Qurani-Kərim ayə, surə, hizb və cüzlərə bölünür, qüdsi hədislər isə bunlara bölünmür.
  6. Qurani-Kərimi oxuduqda onun hər bir hərfinə görə on savab verilir, qüdsi hədislər isə belə deyildir.
  7. Qurani-Kərim namazda oxunur, qüdsi hədisləri isə na­mazda oxumaq olmaz.

     Əziz oxucu! Bu hədisləri kitaba daxil edərkən qarşımıza Peyğəmbəri­mizin salləllahu aleyhi və səlləm yalnız səhih isnadla rəvayət olunan hədis­lərini toplamaq məqsədini qoymuşuq.
     Diqqət! Allahın ad və sifətləri yalnız Allaha xas və layiq şəkildə olduğu üçün onların necəliyi və keyfiyyəti barəsində fikir yürütmək, düşünmək və ya danışmaq olmaz!

 
[1] Ləfz - rəvayət, mətn.