Dəccal doğulacaq, yoxsa artıq mövcuddur?

    29.10.2016
Kimdən: 
Almaniyadan
Sual: 
salam.meni maraglandiran suallardan biride deccal haqqinda bilmekdi deccal dogulacaq yoxsa o artiq var
Cavab: 

Və aleykum Salam. Səhih hədislər bunu göstərir ki, o, artıq var. Lakin, qaldığı yer məlum deyil. Fatimə bint Qeys (radıyəllahu anhə) rəvayət edir: "...Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazı bitirdikdən sonra gülərək minbərdə oturdu və dedi: "Hər kəs namaz qıldığı yerdə qalsın! Bilirsiniz sizi nə üçün yığmışam? Onlar: "Doğrusunu Allah və Onun Rəsulu bilər" dedilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dedi: "Allaha and olsun, mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün toplamışam. Lakin mən sizi bu səbəbə görə toplamışam: "Təmim əd-Dəri xristian bir adam idi. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccal hadisəsi ilə uyğundur. O mənə danışdı ki, “Cudəm və Ləxm qəbilələrindən otuza yaxın kişi ilə birlikdə gəmiyə minmişlər. Dənizin dalğaları onları bir ay dənizdə saxlamış, sonra da günəşin batdığı yerdə, dənizdə bir adaya yanaşmışlar və gəminin qayıqlarına minərək adaya girmişlər. Adada onların qar­şısına tüklü, iyrənc bir Dabbə (heyvan) çıxmışdır. Tükü çox olduğundan onun arxa və qabağını seçə bilməmişlər. Onlar: "Sən kimsən?” deyə soruşmuşlar. O da: "Mən Cəssasəyəm!" demişdir. Onlar: "Cəssasə nədir?" deyə soruşmuşlar. O məxluq: "Ey camaat, siz kilsədəki adamın yanına gedin! O sizdən bir məlumat gözləyir!" Təmim əd-Dəri dedi ki: "O bizə bir adam adı verincə, biz onun Şeytan olmasından qorxduq və dərhal sürətlə gedib kilsəyə girdik. Birdən orada xəlq olunmuşların ən nəhəngi və ən şiddətlisi bağlanmış olan bir insan gördük. Onun əli boynuna, iki dizinin arası topuğuna dəmirlə bağlanmışdı. Biz ona: "Vay olsun sənə, sən kimsən?" dedik. O, belə cavab verdi: "Siz mənim xəbərimi almışsınız! İndi mənə xəbər verin, siz kimsiniz? Onlar: "Biz ərəblərdən olan insanlarıq! Bir dəniz gəmisinə mindik. Dənizin coşduğu vaxta rast gəldik. Dalğa bizi bir ay atıb-tutdu. Sonra sənin bu adana yanaşdıq və gəminin qayıqlarına minərək adaya gir­dik. Və bu zaman qarşımıza tüklü, iyrənc bir Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan onun arxa və qabağını seçə bilmirdik. Biz "Sən kimsən?" dedik. O da: "Mən Cəssasəyəm!" dedi. Biz “Cəssasə nədir?” deyə soruşduq. O məxluq: "Ey camaat, siz kilsədəki adamın yanına gedin! O sizdən bir məlumat gözləyir!" dedi. Biz də tələsərək sənin yanına gəldik. Ondan qorxduq. Bir Şeytan olmaya­cağından əmin deyildik". dedilər. Bu zaman O: "Mənə Bəysən xurmalığından xəbər verin!" dedi. Biz: "Sənə onun hansı halından xəbər verək?" dedik. O: "Xurmalarından deyirəm! Onlar meyvə verirlərmi?" dedi. Biz: "Bəli, verir!” dedik. O: “Onun meyvə verməmək vaxtı yaxınlaşır!" dedi. O: "Mənə Təbəriyyə gölündən xəbər verin?" dedi. Biz: "Sənə onun hansı halından xəbər verək?" dedik. O: "Onda su varmı?" dedi. Biz: "Onun suyu çoxdur!" dedik. O: "Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır!" dedi. O: "Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin!" dedi. Biz: "Sənə onun hansı halından xəbər verək?" dedik. O: "O bulaqda su varmı? Əhali əkinlərini bulaq suyu ilə suvarırmı?" dedi. Biz: "Bəli, o suyu bol olan bir bulaqdır! Əhali onun suyu ilə əkinləri suvarır!" dedik. O: "Mənə Nəbiyyul (Peyğəmbər) ummiy­yin haqqında xəbər verin? O nə etdi?" dedi. Biz ona: "Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət etdi!" dedik. O: "Ərəblər onunla vuruşdularmı?" dedi. Biz: "Bəli!" dedik. O: "O, nə etdi?" dedi. Biz: "Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur!" dedik. O: "Həqiqətən bunlar oldumu?" dedi. Biz: "Bəli, oldu!" dedik. O: "Şübhəsiz ki, onların Peyğəmbərə itaət etmələri onların özləri üçün xeyirlidir!" dedi. İndi mən sizə özüm haqqında məlumat verəcəyəm. Mən Məsihəm (Dəccalam). Mənə çıxmaq üçün izin verilən zaman yaxınlaşır. İzin verildikdə mən Yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olma­yacaq ki, ora ayağım dəyməsin! Məkkə və Mədinədən başqa. Bunların hər ikisi də mənə haram edilmişdir. Hər dəfə bu şəhərlərin birinə daxil olmaq istəyəndə, qarşıma əlində siyrilmiş qılınc tutmuş mələk çıxacaq və məni geri qaytaracaqdır. Bu şəhərlərin qapılarının hər birini bu cür mələklər qoruyur". Fatimə bintu Qeys deyir ki, "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunları söylədi və əlindəki dəyənək ilə minbərə vuraraq (və Mədinəni qəsd edərək): "Bura Teybədir! Bura Teybədir! Bura Teybədir! Yəni, Mədinədir. Diqqət edin, bunu sizə söyləmədimmi?" deyə buyurdu. Camaat "Bəli!" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Təmimin bu hədisi mənim çox xoşuma gəldi. Bu mənim sizə Dəccal, habelə Mədinə və Məkkə barədə dediklərimə uyğun gəlir. Bilin ki, bu dəniz ya Şam dənizi, ya da ki Yəmən dənizidir. Xeyr, əksinə o şərq tərəfdəndir, şərq tərəfdəndir, şərq tərəfdəndir!” Əlini də şərqə uzatdı. Mən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisi əzbərlədim". (Muslim, 7573).

Teqlər: 
Paylaş: