Cənnət əhli yatacaqmı?

    18.02.2014
Kimdən: 
anar
Sual: 
Salam aıeykum. Cennetde de bu dunyada oldugu kimi yataciq? Sag olun!
Cavab: 

Aleykum salam. Səhih hədislərə görə cənnət əhli yatmayacaq. Cənnət əhli yorulmayacaq. Ona görə nə yatmağa, nə də dincəlməyə ehtiyacları olmayacaq. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Yuxu ölümün qardaşıdır, Cənnət əhli isə ölməyəcək". 
Çünki yatmaq naqislik sifətidir. Cənnətdə isə heç bir naqislik və qüsurlu sifət olmayacaq. Həmçinin məlumat üçün onu da qeyd edək ki, Qurani Kərimin, möminlərə vəd olunan Cənnəti vəsf etdiyinə görə orada Allahın rizası, rəhməti, əmin-amanlıq, dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, dadı-tamı çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar, onlar üçün hər cür meyvə, Rəbbi tərəfindən (günahlardan) bağışlanma, yüksək köşklər, soyuq və isti kölgələr, yaşıllıqlar, gözəl libaslar, uca taxtlar, kişilər üçün iri qara gözlü "huri"-lər, cənnət qadınları və qadınlar üçündə buna bərabər tutulan əbədi nemətlər vardır. Orada insan oğlunun ağlına gəlməyəcək, xəyal edə bilməyəcək, heç bir gözün görmədiyi, heç bir qulağın duymadığı və heç bir insanın fikrindən belə keçmədiyi qalıcı nemətlər vardır. Oranın əhli orada arzuladığı hər bir şeyi ən yaxşı şəkildə əldə edəcək. İstədiyi hər bir şey ona veriləcək və intizarla gözlədiyi hər bir şeyi alacaq. Heç vaxt onu məyus yaxud narahat edəcək bir şeylə rastlaşmaz. Çünki o Rəhman olan Allahın qayğısı altındadır: "Onlar Nəim cənnətlərində olacaqlar. (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir). (Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr, və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər, Onlar (bu nemətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar". (əl-Vaqiə, 13-24).
"Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi". (Fussilət, 31-32). 
"Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız". (əz-Zuxruf, 71). 
Cənnətdə həmçinin böyük və kiçik nəcasət yoluna çıxaraq dəstəmaz pozmaq yoxdur. Cənnətdə ölüm, subayçılıq, kin-küdurət, kədərlənmək, yorğunluq, məşəqqət, əzab-əziyyət, həsəd, qısqanclıq, düşmənçilik, rüsvayçılıq, pis ehtiras və hislər, yalan, böhtan, istehza, lağ-lağa, boşboğazlıq, aclıq, susuzluq, yuxusuzluq, tüpürmək, bəlğəm və.s buna bənzər yuxarıda qeyd etdiyimiz kimi naqis və eybli sifətlər olmayacaq: "Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər". (əl-Vaqiə, 25). 
"Onlara orada heç bir yorğunçuluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar!" (əl-Hicr, 48). 
Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurub: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Muslim, 4382).
Digər bir hədisə deyilir: "Gözlərin görmədiyi, qulaqların eşitmədiyi, xəyala da gəlməyən nemətlər hazırlanacaq". (əl-Buxari, 8; Muslim, 2). 
Orada insanın təri bədənindən ətirli qoxu kimi çıxacaq. Cənnət əhli haqqında Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cən­nətin sakinləri orada yeyib-içərlər, lakin sidik və nəcis ifraz etməz və tüpürməzlər". Soruşdular: "Bəs onların yedikləri necə çıxacaq?" Peyğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: "Gəyirmək və müşk qoxusu olan tər ilə. Nəfəs aldıqları kimi onlara rahatlıqla təsbih (Subha­nallah) və təhmid (Əlhəmdulilləəh) etməyə ilham veriləcək". (Muslim, 7331).
Cənnətdə qocalıq yoxdur, orada hamı gənc olacaq. Bir sözlə cənnət çox geniş və oradakı həyat sonsuz və əbədidir. Necə ki, Uca Allah buyurmuşdur:
"Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!" (Ali İmran, 107).
"Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!" (əl-Kəhf, 3).

Paylaş: