Cəhənnəmdən çıxanlar olacaqmı?

    19.02.2014
Kimdən: 
Vasif
Sual: 
Salam aleykum. Qurani Kerimde bele bir aye varmi ki, Allah Teala bezi insanlara cehennemi gosterdikden sonra onlari cennete yerleshdirsin. Yoxsa cehennem ehli daimi olaraq cehennemde qalacaq. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bəzi insanlar böyük günahlar etdiklərinə və vacib əməlləri tərk etdiklərinə görə Cəhənnəmə girəcəklər. Bir müddət orada əzab çəkdikdən sonra Cənnətə daxil olacaqlar. Allaha şərik qoşan və öz küfrlərindən əl çəkməyən kafirlər isə Cəhənnəmdə əbədi qalacaqlar. Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü İbrahim deyəcək: "Ya Rəbb!" Uca Rəbb buyuracaq: "Çağırı­şını eşitdim və qəbul et­dim". İbrahim deyəcək: "Ya Rəbb, övladlarımı yandırdın!" Allah buyura­caq: "Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!" (İbn Hibban, 7378. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih adlandır­mışdır. əl-Albani "Səhih ət-Tərğib vət-Tərhib"də (№: 3645) səhih olduğunu bildirmişdir).

Həmçinin Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Mən Uca Rəbbimə durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: "Ey Rəbbim! Məni "lə iləhə illəllah" deyən kimsələrə şəfa­ətçi et!". Uca Allah buyuracaq: "Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmə­timə and olsun ki, Mən "lə iləhə illəllah" deyən kəsləri odun içində burax­mayacağam". (İbn Əbu Asim, 685. əl-Albani "Ziləlul-Cənnə"də (№: 828) səhih olduğunu bildirmişdir).

Habelə, uzun bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "... (Bundan sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində sirat körpüsü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birin­cisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: "Allahım, xilas et, xilas et!" Cəhənnəmdə sadan tikanlarına bənzər qarmaqlar vardır. Siz sadan tikanlarını görmüsünüzmü?" Əshabələr (radıyəllahu anhum): "Bəli" - dedilər. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu qarmaqlar sadan tikanlarına bənzə­yirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstər­mək istədiyi zaman mələk­lərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb (oradan) çıxa­racaqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yan­dırıb-yax­mağı haram etmişdir. Beləliklə, onlar Cəhən­nəmdən çıxa­caqlar. Od Adəm övladının vücudunu səcdə yerləri istisna olmaqla, başdan ayağa yandırıb-yaxacaq və onlar sümüklərinə qədər yanmış halda oddan çıxacaq­lar. Bundan sonra onların üs­tünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücə­rib yetişdiyi kimi diriləcəklər...". (Səhih əl-Buxari, 10, "Kitabul-Azan", 129 (764, 773, 806); Səhih Muslim, 299/182 (267, 469).

İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona: "Get Cənnətə gir!" - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: "Ey Rəbbim! Mən Cənnəti dolu gördüm". Uca Allah ona: "Get Cənnətə gir!" - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: "Ey Rəbbim! Mən Cənnəti dolu gördüm". Allah ona: "Get Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!" – deyəcək. O deyəcək: "Sən Hökmdar ola-ola mənə gülürsən?" İbn Məsud dedi: "Gördüm ki, Allah Elçisi güldü, hətta azı dişləri göründü. Allah Rəsulu buyurdu: "Bu Cənnət əhlindən ən aşağı dərəcəyə sahib olanıdır" – deyiləcək". (Səhih Muslim, 308/ 186 (272, 479).

Yenə İbn Məsud rəvayət edir ki, Allah Elçisi belə demişdir: "Cənnətə ən axırıncı girən (Cəhənnəmdən çıxarkən) gah yeriyəcək, gah üzü üstə düşəcək, gah da alov onun üzünü qarsacaq. Alovu keçdiyi zaman çevrilib ona baxaraq deyəcək: "Məni səndən qurtaran Allah nə qədər xeyirxahdır! Allaha and olsun ki, Allah nə əvvəlkilərdən, nə də sonrakılardan heç kəsə vermədiyini mənə verdi!" Onun önünə bir ağac çıxarılacaq və o deyəcək: "Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim və suyundan içim". Uca Allah: "Ey Adəm oğlu, ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən" - deyə buyuracaq. Adam: "Xeyr, ey Rəbbim!" - deyəcək və başqa bir şey istəməyəcəyinə söz verəcək. Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah da onu ağaca yaxınlaşdıracaq. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına əvvəlkindən daha gözəl bir ağac çıxarılacaq. O deyəcək: "Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, suyundan içim və kölgəsində kölgələnim. Səndən başqa bir şey istəmirəm". Uca Allah buyuracaq: "Bundan başqa bir şey istəməyəcəyinə dair Mənə söz vermədinmi? Ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən". O da başqa bir şey istəməyəcəyinə söz verəcək. Uca Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Uca Allah da onu ağaca yaxınlaşdırır. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına Cənnət qapısının yaxınlığında əvvəlki iki ağacdan daha gözəl bir ağac çıxarılacaq. Adam deyəcək: "Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, kölgəsində kölgələnim, suyundan içim. Səndən başqa bir şey istəmirəm». Uca Allah: "Ey Adəm oğlu, başqa bir şey istəməyəcəyinə Mənə söz vermədinmi?" - deyə buyuracaq. O deyəcək: "Bəli, ey Rəbbim! Bunu istəyirəm, başqa heç nə istəmirəm". Uca Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah da onu ağaca yaxınlaşdıracaq. O ağaca yaxınlaşdırılanda Cənnət əhlinin səsini eşidəcək. O deyəcək: "Ey Rəbbim! Məni ora daxil et!" Allah buyuracaq: "Məndən istədiklərinə nə son qoyacaq? Sənə dünya və bir o qədərini versəm, bu səni razı edərmi?" Adam: "Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?" - deyəcək". (Bunları rəvayət etdikdən sonra) İbn Məsud güldü və dedi: "Nəyə güldüyümü soruşmursunuz?" Dedilər: "Nəyə güldün?" O dedi: "Allah Elçisi də beləcə güldü və ondan: "Nəyə gülürsən, ey Allahın Elçisi?" - deyə soruşdular. O dedi: "Aləmlərin Rəbbinin qulun: "Sən bütün aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?" - sözünə gülməsinə gülürəm". Uca Allah da ona belə deyəcək: "Mən sənə istehza etmirəm, Mən istədiyimi etməyə qadirəm". (Səhih Muslim, 310/187 (274, 481).
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. Qiyamət günü o, (Allahın hüzuruna) gətiriləcək və belə deyiləcək: "Onun kiçik günahlarını ona bildirin, böyük (günahlarını) isə, ondan qaldırın". Kiçik günahları ona bildirilir və belə deyilir: "Filan gündə bunları etdin, filan gündə bunları etdin». O: "Bəli" - deyəcək və ona bildirilən günahların böyüklüyündən qorxduğuna görə onları inkar edə bilməyəcək. Ona deyiləcək: "Hər bir günahının yerinə sənə bir savab veriləcək". O deyəcək Ey Rəbbim! Mən elə şeylər etmişəm ki, onları burada görmürəm". Mən Allah Elçisinin (bunları dedikdən sonra) azı dişləri görünənə qədər güldüyünü gördüm". (Səhih Muslim, 277, 487. əl-Albani "Mişkatul-Məsabih"də (№: 5587) səhih olduğunu bildirmişdir).

Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi demişdir: "Həqiqətən, sizdən Cənnətdə ən aşağı dərəcəyə sahib olan o kəsdir ki, Allah ona: "İstədiyini arzu et!" - deyəcəkdir. O da istədiyini arzulayacaq. Sonra Allah ona: "İstədiyini arzuladınmı?" - deyəcək. O da: "Bəli" - deyə cavab verəcək. Allah ona: "Arzuladıqların və üstəlik bir o qədər də sənindir!" - deyəcək". (Səhih Muslim 301/182 (№: 268, 471).
Başqa rəvayətdə bu əlavələr vardır: "…(Allah o adama): "Bunları da istə!" - deyə xatırladacaq. İstədikləri qurtardıqdan sonra Allah: "İstədiklərinin hamısı və onların on misli də sənindir!" - deyəcək. Allah Elçisi buyurdu: "Sonra adam (Cənnətdəki) evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: "Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!" Həmin adam deyəcək: "Mənə verilən (nemət) qədər heç bir kəsə verilməmişdir". (Səhih Muslim, 311/188 (№: 275, 482).

 
 

 

Paylaş: