Cümə surəsinin izahı

    19.03.2018

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir. 2. Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. 3. Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir. 4. Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. 5. Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz. 6. De: "Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda ölüm diləyin!" 7. Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır. 8. De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". 9. Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! 10. Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. 11. Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: "Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir".
əl-Cumuə (Cümə) surəsinin izahı

Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir. 
Bu ayədə Uca Allah göylərdə və yerdə olan məxluqatın hamısının Onu bütün naqis sifətlərdən uzaq tutaraq şəninə təriflər dediyini xəbər verir. Uca Allah başqa bir ayədə buyurur: "Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır" (əl-İsra, 44).
Uca Allah göylərin və yerin səltənətinə sahib olan, onları istədiyi kimi idarə edən mütləq Hökmrandır (əl-Məlik). O, bütün naqis sifətlərdən pak olan Müqəddəsdir (əl-Quddus). O, yenilməz qüvvət sahibi olan, hər şeyə qalib gələn Qüdrətlidir (əl-Aziz). O, hər şeyi öz hikməti ilə yaradan və idarə edən Müdrikdir (əl-Həkim). 

Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
Bu ayədə "savadsızlara" dedikdə Peyğəmbərin zamanında yaşayan ərəblər nəzərdə tutulur. Çünki, o dövrdəki ərəblərin əksəriyyəti yazıb-oxumağı bilmirdilər və onlara bundan əvvəl Allah tərəfindən heç bir kitab göndərilməmişdir. Uca Allah ərəblərə öz nemətini xatırlatmaq üçün onları bu cür vəsf edir. Elçi Uca Allahın göndərdiyi Muhəmməd peyğəmbərdir. Uca Allah onu təkcə ərəb tayfalarına deyil, bütün insanlara göndərmişdir. Allahın elçisi Muhəmməd - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onlara Qurani-Kərimin ayələrini oxuyar, onları küfr, şirk və pis əxlaqdan çəkindirib təmizləyər, onlara Quranı və hədisləri öyrədərdi. Halbuki onlar əvvəllər haqdan uzaq düşmüş insanlar idi. 

Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir. 
Uca Allah ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarını da bu elçi vasitəsilə təmizləyəcək. Peyğəmbər Kitabı və hikməti Qiyamətə qədər İslamı qəbul edəcək əcəmilərə də öyrədər. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında ikən ona “əl-Cumuə” surəsi nazil oldu: “Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir...” Mən soruşdum: “Kimdir onlar, ya Rəsulullah?” O mənə cavab vermədi. Mən sualımı üç dəfə təkrar etdim. Həmin vaxt Salman Farisi bizim aramızda idi. Peyğəmbər əlini Salmanın ayağının üstünə qoyub dedi: “Hərgah iman Sürəyya ulduzunun yanında olsaydı, bu adamlar ora da gedib çıxardılar.” (Səhih əl-Buxari, 4897). 
Uca Allah Qüdrətlidir (əl-Aziz), Müdrikdir (əl-Həkim). O, yenilməz qüvvət və geniş hikmət sahibidir. 

Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. 
İslam dini Uca Allahın insanlara bəxş etdiyi ən böyük lütf və mərhəmətdir. Başqa bir ayədə Uca Allah buyurur: "Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər" (Ali-İmran, 164).

Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
Bu ayədə Uca Allah bu məsəli Tövrata əməl etməyən yəhudilər barəsində çəkmişdir. Uca Allah onları uzunqulağa, Tövratı isə faydalı bilikləri özündə toplayan kitablara bənzədir. Həmçinin, Uca Allah onların Tövrata əməl etməyə mükəlləf olmalarını uzunqulağın həmin faydalı kitabları belində daşımasına bənzədir. Uzunqulaq belində daşıdığı faydalı kitablardan yararlanmadığı kimi yəhudilər də Tövratda nazil edilən faydalı biliklərdən yararlanmadılar. Bu, Quranı yalan hesab edənlər üçün misal olaraq göstərilən ən pis nümunədir. Onlara Muhəmməd peyğəmbərə tabe olmaq, onun Tövratdakı vəsflərini insanlara bəyan etmək əmr edildikdə onlar öz kitablarını təhrif edib xəyanət etdilər. Allah öz küfründə inadkarlıq edən kafirləri doğru yola yönəltməz. 

De: "Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda ölüm diləyin!" Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır.
Ey yəhudilər, əgər özünüzü doğru yolda, Muhəmməd və onun səhabələrinin zəlalətdə olduğunu iddia edirsinizsə, onda özünüzə ölüm diləyin. Çünki, Allahın həqiqi dostları Onunla görüşməyi arzulayar. Bu ayədə Uca Allah yəhudilərin yalan danışdıqlarını üzə çıxardaraq onların etdiyi küfr, haqsızlıq və digər günahlar səbəbilə özlərinə heç vaxt ölüm istəməyəcəkləri haqda xəbər verir. Kafirlərin etdikləri zülmlərdən xəbərdar olan Allah onlara əməllərinin əvəzini verəcək. Sonra Uca Allah buyurur:     

De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". 
Özünüzə arzulamadığınız ölümdən nə qədər qaçmağa çalışsanız belə, ondan heç vaxt xilas ola bilməyəcəksiniz. Öləndən sonra isə siz Qiyamət günü hər şeyi bilən Allahın hüzuruna gətiriləcəksiniz, O da sizə etdiklərinizin əvəzini verəcək. 

Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Bu ayədə Uca Allah müsəlmanları şərəfləndirərək və onları ucaldaraq "Ey iman gətirənlər!" deyə müraciət edir. Burada "Cümə günü namaza çağırılanda" dedikdə məscid imamının minbərə qalxıb oturduqdan sonra insanları cümə namazına çağırmaq üçün verilən azan nəzərdə tutulur. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdən sonra müsəlmanlar əvvəl-əvvəl namaz vaxtını təqribi hesablayıb bir yerə toplaşardılar. Çünki o vaxt heç kəs camaatı namaza çağırmırdı. Bir gün müsəlmanlar bu haqda söhbət açdılar və bəziləri dedilər:“Xristianlar kimi zəng çalın.” Bəziləri də: “Yox, yəhudilər kimi buynuzabənzər bir alətdən istifadə edin”, digərləri isə: "Böyük bir od qalayın ki, şəhər əhalisi namaz vaxtının girdiyini bilsinlər" - dedilər. Bu isə atəşpərəst məcusilərin adəti idi. Onlar bu üç seçim arasında qaldılar, lakin bunlara razı olmayıb hamısından imtina etdilər. Uca Allah da onları haqqa yönəltdi. Bu arada Abdullah ibn Zeyd yuxuda bir nəfərin ona azanın bütün sözlərini söylədiyini görür. Abdullah ibn Zeyd yuxunu Peyğəmbərə danışdıqda o, bu yuxunun Allahdan haqq olduğunu təsdiqləyir və onu öyrətmək üçün Bilalın yanına göndərir. Beləcə, azan hicrətin ikinci ilindən ta Qiyamət gününədək öz təsdiqini tapır. 
Cümə günü azan verildikdə "Allahı yad etməyə tələsin", yəni xutbəni dinləmək və ardından cümə namazını qılmaq üçün məscidə gəlməyə yubanmayın. Habelə, azan verilərkən "ticarəti dayandırın", yəni alış-verişi də dərhal tərk edin. Bilsəniz, cümə günü xutbəni dinləmək və ardından namaz qılmaqla Allahı zikr etmək sizin üçün alış-verişdən, dünya və onda olan hər şeydən nə qədər xeyirlidir. 

Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.  
Namazı bitirdikdən sonra müsəlmanlara dağılışaraq Allahın nemətlərini əldə etməyə izin verilir. Uca Allah onlara axirətdə nicat tapmaq və uğur qazanmaq üçün Onu çox zikr etməyi buyurur.     

Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: "Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir". 
Bu ayədə Uca Allah Peyğəmbərin zamanında cümə günü xütbəni tərk edib şəhərə gələn ticarət karvanına tərəf qaçanları qınayır. Bu ticarət karvanı sonralar İslam dinini qəbul edən Dihyə ibn Xəlifəyə məxsus idi. O, özü ilə təbil götürərdi. Az bir hissəsi istisna olmaqla müsəlmanlar Rəsulullahı minbərdə ayaq üstə olduğu halda tərk edib ona tərəf qaçdılar. Rəvayət edilir ki, Cabir ibn Abdullah demişdir: "Rəsulullah - ona  və ailəsinə Allahın salavatı və salamı olsun - xütbə verərkən karvan Mədinəyə gəldi. İnsanlar çıxıb getdilər və on iki kişi öz yerində qaldı. Bu səbəblə "Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar..." ayəsi nazil oldu." (Səhih əl-Buxari, 4899). 
Uca Allah onları qınayaraq Onun dərgahındakı mükafatın əyləncədən də, ticarətdən də daha xeyirli olduğunu bildirir. Yalnız Rəbbinə təvəkkül edərək ruzini münasib olan vaxtda axtarana isə Allah ən yaxşı ruzi verəndir.                
 

Paylaş: