Muhəmməd peyğəmbər gündə 2 dəfə yemək yeyib?

    25.07.2018
Sual: 
Peygemberimiz gunde 2 defe yemek yeyirdi?
Cavab: 

Salam aleykum. Bəli, bəzi mənbələrdə Məhəmməd peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhər və axşam gündə iki dəfə yemək yediyi bildirilib. Ancaq bu o demək deyil ki, bu şəkildə qidalanmaq sünnədir. Gündə iki dəfə qidalanmaq mübah (insanın ixtiyarına buraxılan əməl və onu edənə nə savab yazılar, nə də günah) olan əməllərdəndir. Ümumiyyətlə o vaxtlar gündə 2 dəfə yemək ərəblərin məşhur adətlərindən idi. Gündə üç dəfə qidalanmaq ənənəsi müsəlman cəmiyyətlərinə sonrakı dövrlərdə sirayət etmişdir. Bundan əlavə Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qarını heç zaman doymamışdır. Bu vəziyyətindən də heç kimə şikayət etmədi. Kasıblığı zənginlikdən daha çox sevərdi. Sabaha qədər aclıqdan qarnı bükülsə belə, bu vəziyyət onun ertəsi gün oruc tutmasına mane olmazdı. Halbuki o, Rəbbindən yer üzünün bütün xəzinələrini istəyə bilərdi.

Aişə (Allah ondan razı olsun) belə demişdir: "Muhəmmədin ailəsi bir gündə iki dəfə yemək yemədi. Yediyi iki yeməkdən biri xurma idi". (əl-Buxari, 6455; Muslim, 7638, 2971/25). Hədisin şərhində Hafiz ibn Həcər belə demişdir: "Hədis ona dəlalət edir ki, ola bilsin onlar heç gündə 1 dəfədən artıq üçün yemək tapmırdılar. Əgər onlar ikinci yeməyi tapsaydılar belə, o da xurma olardı". (Fəthul-Bari, 11/292).
Həmçinin Aişə belə nəql etmişdir: "Muhəmmədin ailəsi Mədinəyə gəldiyi gündən ta onun vəfat etdiyi günədək (heç vaxt) üç gün dalbadal buğda çörəyindən doyunca yeməmişdir". (əl-Buxari, 5416, 6454; Muslim 7633, 2970/20).
Habelə Aişə, Urvaya belə demişdir: "Bacım oğlu! Olurdu ki, biz bir hilal (yeni doğul ay) görür, sonra yenə bir hilal görür, hətta iki ayda üç hilal (üç ay) görürdük, (lakin bu müddət ərzində) Peyğəmbərin evlərində od qalanmırdı (yemək bişirilməzdi)". (Urva dedi:) "Mən soruşdum: "Xalacan, bəs nə ilə dolanırdınız?" O dedi: "Xurma və su ilə. Bundan başqa Peyğəmbərin Ənsarlardan olan qonşuları var idi. Onların da sağmal dəvələri və qoyunları var idi. Onlar bu heyvanların südündən Peyğəmbərə hədiyyə edər, o da onu bizə içirdərdi". (əl-Buxari 2567; Muslim, 7642, 2972/28).
Yenə də Aişə demişdir: "Biz artıq xurma və sudan doyunca yeyib içməyə (imkanımız olduğu) zaman Peyğəmbər vəfat etdi". (əl-Buxari, 5383; Muslim, 7645, 2975/30).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər buyurdu: "Allahım, Muhəmmədin ailəsinə gündəlik yemək nəsib et!" (əl-Buxari, 6460; Muslim, 7630, 2969/17).
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər vəfat edincəyə qədər ailəsi üç gün dalbadal doyunca yemək yeməmişdir. (əl-Buxari, 5374; Muslim, 7648, 2976/32). Həmçinin oxuyun:  Allah Rəsulunun dolanışığı necə idi? 

Teqlər: 
Paylaş: