Sol tərəfə 3 dəfə tüpürmək dinimizdə varmı?

    08.08.2018
Sual: 
Salam. İslama görə sol çiyinə 3 dəfə tüpürmək haradan gəlir və nə dərəcədə düzgündür?
Cavab: 

Va aleykum Salam. Bəli, dinimizdə qeyd etdyiniz əməl mövcuddur. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu (Mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsinə "xuşu" deyilir) ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə cavab verdi: "O, Xinzab adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür (nəfəs ver!)". Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (əl-Buxari, 3282; Muslim, 2610).

Cabirdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən bir kimsə xoşuna gəlməyən bir yuxu görsə, üç dəfə sola tüpürsün və üç dəfə Allahdan onu şeytandan qorumasını diləsin, sonra isə başqa tərəfə çevrilsin". (Muslim, 2262).

Həmçinin əl-Buxari (Allah ona rəhmət etsin) rəvayət edirik ki, şeytanın vəsvəsə verdiyi vaxt üç dəfə sol tərəfə yüngülcə (quru şəkildə) tüpürmək və əl-İxlas surəsini oxumaq lazımdır. 

Ümumiyyətlə namazdan kənar da adi vaxtlarda məscid istisna olmaqla tüpürmək istədikdə sol tərəfə tüpürmək və onu ayaqla basdalmaq da tüpürməyin ədəblərindəndir. (əl-Buhiti "Şəru Muntəhəl-İradat" kitabı, 1/213). Xüsusilə qeyd etmək lazımdır ki, başqa yerlərdən fərqli olaraq məscidə tüpürmək qəbahət sayılır. Bu xüsusda, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məscidə tüpürmək günahdır, bu günahın kəffarəsi isə onu basdırmaqdır". (əl-Buxari, 415; Muslim, 1231).

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) (məscidin) qiblə tərəfində tüpürcək gördü və bu ona o qədər ağır gəldi ki, (üzüldüyü) onun üzündən görünürdü. O, ayağa qalxıb onu əli ilə sildi və dedi: "Sizdən biriniz namaz qılmağa başladıqda öz Rəbbi ilə gizli söhbətə girir, yaxud Rəbbi onunla qiblə arasındadır.  Odur ki, sizdən heç kim qiblə tərəfə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının altına tüpürsün". Sonra o, öz izarının  bir ucunu tutaraq ona tüpürdü və tüpürcəyini izarının digər tərəfi ilə örtüb dedi: "Və ya belə etsin". (əl-Buxari, 405).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Qoy, sizlərdən biri tüpürmək istədikdə, heç vaxt öz qabağına və ya sağ tərəfinə tüpürməsin, ancaq sol tərəfə və ya sol ayağının altına tüpürsün". (əl-Buxari, 410).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məscidə tüpürmək günahdır, bu günahın kəffarəsi isə onu basdırmaqdır". (əl-Buxari, 415).

Digər hədisdə isə belə demişdir: "Qoy, namaz qılan adam tüpürmək istədikdə nə qabağına, nə də sağ tərəfinə tüpürsün, çünki namaz vaxtı o, öz Rəbbi ilə gizli söhbətə girir". (əl-Buxari, 532).

Haris ibn Amr əs-Səhmi (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Minada, yaxud  Ərafatda ikən mən onun yanına gəldim. Camaat onu əhatəyə almışdı. Bədəvilər onun yanına gəlir, onun üzünü gördükdə deyirdilər: "Bu, mübarək bir üzdür!" Mən dedim: "Ya Rəsulullah, Allahdan mənim üçün bağışlanma dilə!" O, dua edib dedi: "Allahım, bizi bağışla!" Mən hərlənib fırlanıb yenə ona dedim: "Ya Rəsulullah, Allahdan mənim üçün bağışlanma dilə!" O, yenə dua edib dedi: "Allahım, bizi bağışla!" Mən hərlənib fırlanıb yenə ona dedim: "Ya Rəsulullah, Allahdan mənim üçün bağışlanma dilə!" O, yenə dua edib dedi: "Allahım, bizi bağışla!"  Sonra o, bir kənara çəkilib yerə tüpürdü və ayaqqabısı ilə bu tüpürcəyi sildi. O istəmirdi ki, ətrafındakılardan kimsə ona bulaşsın". (əl-Buxari "Əbədul-Mufrad", 1148).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu hərəkəti ilə müsəlmanlara tüpürməyin ədəblərini öyrədir. Demək, camaatın yanında tüpürmək istəyən adam bir kənara çəkilməli, camaata tərəf tüpürməməli və bir də yerə tüpürdükdən sonra ayaqqabısı ilə onu silməlidir.

Paylaş: