"əl-Munafiqun" surəsinin izahı

    25.09.2018

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şahidlik edirik ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsil yalançıdırlar. 2. Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! 3. Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. 4. Sən onları gördükdə cüssələri sənə xoş gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş ağac kötükləridir. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər! 5. Onlara: "Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!"– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. 6. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz. 7. Məhz onlar: "Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. 8. Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!"– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər. 9. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. 10. Sizlərdən birinə ölüm gəlib: "Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!"– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. 11. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.
əl-Munafiqun (Münafiqlər) surəsinin izahı

Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şahidlik edirik ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsil yalançıdırlar.  
Münafiq sözü "nəfiqa" sözündən götürülmüşdür. Bu isə ərəbdovşanının yuvasının iki çıxışından birinə deyilir. Əgər yuvanın bir çıxışından onu tutmaq istəsələr, o qaçaraq o biri çıxışdan canını qurtarar. Həmçinin, deyilənə görə münafiq sözü "nəfəq" sözündən götürülmüşdür. Bu isə gizlənmək üçün istifadə edilən yeraltı tunel deməkdir. İslam şəriətində isə münafiq qəlbində küfrü və şəri gizlətdiyi halda müsəlman olduğunu izhar edən adama deyilir.
Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Mədinə şəhərinə hicrət etdikdən sonra Mədinədə müsəlmanlar çoxaldı və İslam dini qüvvətləndi. Mədinədə Əus və Xəzrəc qəbiləsindən olan bir sıra adamlar cəmiyyətdəki yüksək mövqelərini itirməmək, həyatlarını və mal-dövlətlərini qorumaq məqsədilə qəlbən inanmadıqları halda özlərini mömin kimi göstərirdilər. Onlar Peyğəmbərin yanında olduqda ikiüzlülük edərək üzdə Peyğəmbərə iman gətirmiş olduqlarını göstərir, qəlblərində isə bunun tam əksini gizlədirdilər. Buna görə də Uca Allah onlara etiraz edərək Peyğəmbərin haqq oldu­ğu­nu təsdiq etmək üçün onların şəhadətinə möhtac olmadığını, Peyğəmbəri üzdə təsdiq etmələrinə baxmayaraq onların əsil yalançı olduqlarına şahidlik edir.     

Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
Münafiqlər saxta imanlarının və andlarının arxasında gizlənib onların məkrli niyyətlərindən bixəbər olan bəzi insanları Allahın yolundan döndərirlər. Onların özlərini möminlərə dost kimi göstərib qəlbində İslama, onun ardıcıllarına ədavət bəsləmələri necə də çirkindir!

Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.
Bunun səbəbi odur ki, onlar ikiüzlülük etdilər - dildə iman gətirdikdən sonra qəlbən imanı inkar edib kafir oldular. Uca Allah da onların qəlbinə möhür vurdu, buna görə də onlar haqqı dərk etməz və doğru yola yönəlməzlər. 

Sən onları gördükdə cüssələri sənə xoş gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş ağac kötükləridir. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər!
Yəni, ey Peyğəmbər, sən onları görəndə görkəmləri sənə xoş təsir bağışlayır və sən on­la­rın gözəl danışıqlarına həvəslə qulaq asırsan. Onların sözləri cəlbedici olsa da, bunun arxasında nə gözəl əx­laq, nə də xeyirxah əməllər dayanır. Onlar divara söykədilmiş ağac kötükləri kimi özlərini İslama nisbət etmiş ruhsuz bədənlərdir.
Onlar zəif və qorxaq kimsələr olduqlarına görə başlarına gələn hər bir hadisənin özlərinə qarşı yönəlmiş olduğunu hesab edir­­­lər. Onlar çox təhlükəli düş­mən­­dirlər. Buna görə də Uca Allah öz Peyğəmbərinə onların sözünə inanıb hiylələrinə uymamağı buyurur. Allah münafiqlərə lənət etmiş və onlara axirətdə şiddətli əzab hazırlamışdır. İslamın həqiqəti bəlli olduqdan sonra onlar necə də haqdan üz döndərirlər?! Axı kafirlik onlara ziyandan və bədbəxtlikdən baş­­qa heç nə verməyə­cək!

Onlara: "Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!"– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz. 
Məhz onlar: "Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!"– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.

Bu ayələr Abdullah ibn Ubeyy ibn Səlul adlı münafiq və onun münafiq dostları barədə nazil olmuşdur. Rəvayət edilir ki, İbn İshaq demişdir: "Allahın elçisi Uhud döyüşündən sonra Mədinə şəhərinə qayıtdı. Abdullah ibn Ubeyy ibn Səlulun məsciddə daimi yeri vardı. Onun və qəbiləsinin insanlar arasında hörməti olduğuna görə onun o yerdə durmasına etiraz olunmurdu. Peyğəmbər cümə günü xutbə vermək üçün minbərdə oturan kimi, o, ayağa qalxıb: "Ey insanlar, qarşınızdakı bu adam Allahın elçisidir. Onu göndərməklə Allah sizə lütfkarlıq etmiş və sizi şərəfləndirmişdir. Ona kömək edin, ona dayaq olun, ona qulaq asın və tabe olun!" - deyər, sonra oturardı. Nəhayət, o, Uhud döyüşü günü ordunun üçdə biri ilə geri qayıtdıqda, müsəlmanlar da Mədinəyə qayıtdıqda əvvəllər etdiyi kimi ayağa qalxıb danışmaq istədi. Müsəlmanlar onun paltarının ətəyindən yapışıb dedilər: "Otur aşağı, ey Allahın düşməni, sən buna layiq deyilsən, sən edəcəyin işi etdin. O isə adamların üstündən adlayıb məsciddən çıxaraq: "Allaha and olsun ki, mən böyük bir şey söyləmədim, ayağa qalxıb ona dəstək vermək istədim". Ənsardan olan səhabələr onunla məscidin qapısında qarşılaşıb dedilər: "Vay halına, sənə nə olub?!" O dedi: "Ayağa qalxıb ona dəstək vermək istədim, birdən onun səhabələrindən bir neçəsi mənə hücum edib paltarımdan dartmağa və tənbeh etməyə başladı, sanki mən onun haqqında bir qəbahət işlədim". Onlar dedilər: "Vay halına, geri dön, qoy Allahın elçisi sənin üçün bağışlanma diləsin!" O isə belə dedi: "Allaha and olsun ki, onun mənim üçün bağışlanma diləməsini istəmirəm". (Siratun-Nəbəviyyətu li-ibn Hişəm, 3-cü cild səh. 69).
Həmçinin, rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: “Döyüşlərin birində mən Ab­dullah ibn Ubey­yin belə dediyini eşitdim: “Allahın elçisinin ətrafındakı­lara köməklik gös­tərməyin ki, onlar onun ətrafından dağılıb getsin. Əgər biz onu qo­yub Mədinəyə qayıtsaq, izzət və hörmət sahibi olanlar oradan alçaq və zəlil olan­ları çıxardacaqlar!” Mən bu sözləri əmimə, yaxud Ömərə dedim, o da bunu Peyğəm­bərə çatdırdı. Peyğəmbər məni yanına çağırdı və mən eşitdiklərimi ona danışdım. Sonra o, (bu məsələyə aydınlıq gətirmək üçün) Ab­dullah ibn Ubeyyin və onun tərəfdarlarının yanına adam göndərdi. Onlar isə belə bir söz demədiklərini sübuta yetirmək üçün and içdilər. Pey­ğəm­bər mənim dediklərimi yalan saydı və onun andını qəbul etdi. (Onun bu qərarı) məni olduqca kədərləndirdi. Mən hələ heç vaxt belə kədərlənmə­mişdim. (Bu hadisədən sonra) mən evə qayıtdım və əmim mənə dedi: “Mən istəmirdim ki, o, sənin dediklərini təkzib etsin və sənə acığı tutsun!” Onda Uca Allah (bu surəni) nazil etdi: “Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun El­çisi­sən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.” Pey­ğəm­bər mənim yanıma bir nəfər göndərib bu ayələri mənə oxuduqdan sonra dedi: “Ey Zeyd, Allah sənin dediklərini təsdiq etdi!” (əl-Buxari, 4900). Digər rəvayətdə isə Zeyd ibn Ərqam demişdir: “Peyğəmbər münafiqləri ya­nına çağırdı ki, onlar üçün Allahdan bağışlanma diləsin, lakin onlar bun­dan boyun qaçırdılar.” (əl-Buxari, 4903).

Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.
Uca Allah mömin bəndələrinə mal-dövlətə və övlada aludə olub namazı və digər ibadətləri yerinə yetirməkdən yayınmamağı buyurur. Çünki, bunu edənlər Qiyamət günü savabdan məhrum olduğuna və günah qazandığına görə ziyana uğramışlardan olar. Sonra Uca Allah onları Öz yolunda mallarından xərcləməyə həvəsləndirərək buyurur:

Sizlərdən birinə ölüm gəlib: "Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!"– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.
Yəni, ey möminlər, sizə ölüm gəldikdə malınızdan zəkat verməyi və digər xeyir işlərə xərcləməyi təxirə saldığınıza görə peşman olub möhlət istəməmişdən qabaq sizə verilən fürsətdən dərhal istifadə edin. Çünki, ölümün vaxtı gəldikdə təxirə salınmaz. Qəlbinizdəki niyyətlərdən və əməllərinizdən xəbərdar olan Allah Qiyamət günü etdiklərinizin əvəzini verəcəkdir. 

 

Paylaş: