Peyğəmbərlərin sayı və onların göndərilməsi arasındakı müddət necə olub?

    25.02.2019
Sual: 
Salam. Mən eşitmişəm ki, 124000 peyğəmbər olub. Birinci sualım bu məlumat haradandır? İkinci sualım nəyə görə peyğəmbərlər arasında interval bu qədər çoxalıb? Çünki bəşəriyyətin yaşı 3-5 milyon ildir və bunu 124000-ə böləndə interval orta hesabla 24-40 il edir, amma İsa ilə Məhəmməd arasında 600 il ara olub və Məhəmməddən sonra 1400+ il peyğəmbər gəlmir.
Cavab: 
Və aleykum Salam. Bəzi rəvayətlərdə yer üzünə 124 min nəbi (peyğəmbər) və 313 rəsul (elçi) göndərilmişdir kimi xəbərlər verilsə də, bu barədə olan rəvayətlərin hamısı zəifdir. İslam alimləri demişdirlər ki, səhih hədislərə əsasən peyğəmbərlərin sayı ilə bağlı dəqiq bir rəqəm bildirilməmişdir. Bir çox peyğəmbələr olub ki, Uca Allah onlar barədə bizə heç bir məlumat verməyib: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik". (ən-Nisa, 163-164).
Peyğəmbərlərin göndərilməsini, onların arasında olan dövrü, neçə il yaşamasını, hansı peyğəmbərin hansı qövmə (camaata) gəlməsini isə Uca Allah Öz hikməti ilə təyin etmişdir. Uca Allah buyurur: "Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər". (Fatir, 24-25).
Bəzi hədislərdə isə bəzi peyğəmbərlər arasında olan zaman kəsiyi təxmini olaraq xəbər verilmişdir. Lakin bu da, dəqiq bir dövrü bildirmir. Əbu Umamədən (Allah ondan razı olsun) rəvayət olunmuşdur ki, bir adam: "Ey Allahın Rəsulu, Adəm Peyğəmbərdir!?" - dedi. Peyğəmbər: "Bəli, nəbidir və Allah onunla danışmışdır". Sonra adam dedi: "Bəs Adəmlə Nuh arasında dövr nə qədərdir?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "On əsr". Adam dedi: Bəs Nuhla İbrahim arasında olan dövr neçə müddətdir? Allah Rəsulu dedi: "On əsr" (İbn Hibban "Səhih", 14/69; əl-Hakim "əl-Mustədrək", 2/262, 2/288. Albani səhih olaraq təsnif etmişdir).
İmam əl-Qurtubi demişdir ki, İsa ilə Musa peyğəmbər arasında olan zaman barədə alimlər ixtilaf etmişdirlər. Lakin, Muhəmməd ibn Sə'd İbn Abbasdan (Allah ondan razı olsun) nəql edərək "ət-Tabaqat" kitabında belə qeyd etmişdir: "Musa ibn İmranla İsa ibn Məryəm (aleyhimə-sələm) arasında 1700 il olmuşdur. Onların arasında boş bir dövr olmamışdır. Çünki bu müddət ərzində Uca Allah İsrail oğullarından və başqa millətlərdən 1000 peyğəmbər göndərmişdir. İsa peyğəmbərin doğuşu ilə Muhəmməd peyğəmbərin arasında da 599 il olub". (Təfsir əl-Qurtubi, 6/121).
İbn Həcər isə belə demişdir: "Rəvayətçilər ittifaq etmişdirlər ki, Yəhudilərdən peyğəmbər göndərilmə ilə Muhəmmədin peyğəmbər göndərilmə arasındakı müddət 2000 ildən artıq olmuşdur. Nəsranilərdən isə 600 il olmuşdur". (Fəthul-Bari, 4/449).
Muhəmməd peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra da heç bir nəbi və rəsul gəlməyəcək. Bunun əvəzində isə Uca Allah dəyişdirilməsi mümkün olmayan, Allah tərəfindən qorunub saxlanan Qurani-kərimi göndərmişdir. Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
"Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir". (Fussilət, 42).
Həmçinin, əvvəlki peyğəmbərlər hansısa ümmətə göndərildiyi halda, Muhəmməd (Allahın ona salavatı və salamı olsun) bütün insanlara və cinlərə göndərilmişdir: "Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik". (əl-Ənbiya, 107).
Müsəlmanın üzərinə düşən isə peyğəmbərlərə iman gətirmək, onların yolu ilə getmək və onların həyatından ibrətlər götürməkdir. Bizə Uca Allahın bu sözü kifayətdir: "Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: "Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır". (əl-Ənam, 90). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: