Sehr nədir?
Sehr (cadu) sehrləndirilən adama, onun qəlbinə və yaxud ağlına dolayı yolla təsir etmək üçün cadugərin dediyi və ya yazdığı söz, yaxud da etdiyi bir şeydir. İslam dini sehrlə məşğul olmağı haram etmiş və bu günahın küfr olduğunu bildirmişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanları bu böyük günahdan çəkindirərək belə buyurmuşdur: "Həlakedici yeddi günahdan çəkinin!" Səhabələr soruşdular: "Ya Rəsulullah, nədir onlar?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq etmək, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək". (əl-Buxari, 2766).
Sehr şeytan ilə cadugər arasında olan bağlılığın nəticəsində meydana gəlir. Onlar öz məqsədlərinə nail olmaq üçün əlbir olurlar. Sehr cəmiyyət üçün böyük təhlükədir.
Sehr insanın bədəninə və ağlına təsir edir. Sehr olunmuş adama qarşı düşmənçilik edilmişdir. Bu sehr onu öldürə, yaxud ağlına və ya bədəninə xələl gətirə bilər. Nəticədə insan və onun yaşadığı cəmiyyət zərər çəkir.
Cadugər əməlini uzaqdan etdiyinə görə o bu əməli ilə cinayət törədib gizlənən cinayətkara bənzəyir. Belə cinayətkar cəzalanmayacağına arxayın olaraq çoxlu fəsad törədir. Buna görə onun şəri və fəsadı yer üzündə çoxalır və insanlar şərin haradan gəldiyinin fərqinə varmırlar.
Sehr bütövlükdə şərdir. Bu işdə ən çox ziyana uğrayan isə cadugərin özüdür, çünki o, özünü insanların düşməni olan şeytana tabe etmişdir. Bunun cəzası isə Cəhənnəmdə əbədi qalmaqdır.
Sehr ailələrin parçalanmasına səbəb olur. Onun nəticəsində kişi öz arvadına, yaxud arvad öz kişisinə nifrət edir və onların ayrılmasına gətirib çıxarır. Ailələrin dağılması cəmiyyətdə fitnə-fəsadın çoxalması deməkdir.
Sehr insanları xurafata və mövhumata yönəldir. İnsanlar problemlərini həll etmək üçün doğru yollardan və maddi səbəblərdən istifadə etmək əvəzinə, qəlblərini cadugərlərə, baxıcılara və falçılara bağlayırlar. Bu fırıldaqçıların işləri yalnız insanların dərdlərinin üstünə dərd qoymaq və onların mallarını mənimsəməkdir. Eyni zamanda insanlara yanlış fikirlər aşılamaqla onları dinlərindən uzaqlaşdırır və mallarına sahib çıxırlar.
Cadugər muzdlu qatildir. O, pulun əvəzində hansısa evi dağıtmağa, ər-arvadı ayırmağa, ailə üzvlərində xəstəliklər əmələ gətirməyə razılıq verir. Bütün bunlar sehr olunmuş adama pis təsir göstərir, onun malı və bədəni tələf olur. Dünya malına görə edilən bu əməl əsl cinayətdir.
Bu təhlükəli zərərlərə və müxtəlif şər əməllərə görə İslam dini sehrin haramlığını bildirmiş, cadugərin isə kafir olduğunu və onun cəzasını ölüm hökmü etmişdir. İslam dini sehrdən qorunmağın və müalicə olunmağın yollarını bildirmiş və bundan ötrü cadugərlərə müraciət etməyi qadağan etmişdir.
Uca Allah buyurur: "Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!" (əl-Bəqərə, 102).