Muhəmməd peyğəmbər yalnız ərəblərə göndərilmişdir?

    01.10.2019
Kimdən: 
Heyder
Sual: 
Salam. Muhemmed peygember ereblere gonderilib? Ibrahim 4 , secde 3, yasin 4-5-6 ayelerinin izahini, menasini nece anlamaliyiq?
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Müd­rikdir". (İbrahim, 4).
"Ya da onlar: "Bunu özündən uydurmuşdur!"– deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər". (əs-Səcdə, 3).

"Ya. Sin. And olsun hikmətli Qurana! Həqiqətən, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən". (Ya Sin, 1-6).

Bu qeyd etdiyiniz ayələrdən Muhəmməd peyğəmbərin təkcə ərəblər üçün elçi olaraq göndərilməsi kimi başa düşülməməlidir. Çünki Uca Allah ona ilk növbədə öz yaxın qohum-əqrabasını, sonra öz qəbiləsi olan Qureyşı və beləcə bütün bəşəriyyətə İslama dəvət etməyi buyurmuşdur. Uca Allah Qurani-Kərimin əl-Cumuə surəsinin 2-ci ayəsində belə buyurur: "Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər."
Bu ayədə "savadsızlara" dedikdə Peyğəmbərin zamanında yaşayan ərəblər nəzərdə tutulur. Çünki, o dövrdəki ərəblərin əksəriyyəti yazıb-oxumağı bilmirdilər və onlara bundan əvvəl Allah tərəfindən heç bir kitab göndərilməmişdir. Uca Allah ərəblərə öz nemətini xatırlatmaq üçün onları bu cür vəsf edir. Elçi Uca Allahın göndərdiyi Muhəmməd peyğəmbərdir. Uca Allah onu təkcə ərəb tayfalarına deyil, bütün insanlara göndərmişdir. Allahın elçisi Muhəmməd - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onlara Qurani-Kərimin ayələrini oxuyar, onları küfr, şirk və pis əxlaqdan çəkindirib təmizləyər, onlara Quranı və hədisləri öyrədərdi. Halbuki onlar əvvəllər haqdan uzaq düşmüş insanlar idi. Uca Allah 3-cü ayədə isə belə buyurur: "Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir."
Uca Allah ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarını da bu elçi vasitəsilə təmizləyəcək. Peyğəmbər Kitabı və hikməti Qiyamətə qədər İslamı qəbul edəcək əcəmilərə də öyrədər. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında ikən ona “əl-Cumuə” surəsi nazil oldu: “Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir...” Mən soruşdum: “Kimdir onlar, ya Rəsulullah?” O mənə cavab vermədi. Mən sualımı üç dəfə təkrar etdim. Həmin vaxt Salman Farisi bizim aramızda idi. Peyğəmbər əlini Salmanın ayağının üstünə qoyub dedi: “Hərgah iman Sürəyya ulduzunun yanında olsaydı, bu adamlar ora da gedib çıxardılar.” (Səhih əl-Buxari, 4897).

Qurani-Kərimdə Muhəmməd peyğəmbərin bütün insanlara göndərildiyini sübut edəcək dəlillər olduqca çoxdur. Uca Allah buyurur: "De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm" (əl-Əraf, 158). 
"(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti bilməz!" (Səba, 28).
"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik" (əl-Ənbiya, 107). Həmçinin oxuyun:
 
Paylaş: