Ateistlə dostluq etmək günah sayılırmı?

    25.09.2019
Sual: 
Salam Aleykum. Ateist olan biri ilə dost olmaq günah sayılırmı?
Cavab: 

Va aleykum salam. Uca Allah möminlərə kafirlərlə dostluq etməyi qadağan edərək buyurur: "Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?" (ən-Nisa, 144).

Həmçinin buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun" (əl-Maidə, 57).

"Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz" (əl-Mumtəhənə, 60).

"Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik". (Ali-İmran, 118).

Bu ayələrdən aydın olur ki, Allaha inanmayan, İslamı və müsəlmanları lağa qoyan kəsləri dost tutmaq qadağandır. Çünki insan dostundan təsirlənir. Bu səbəbdən ateistlə dostluq edən insan onun şübhələrindən və fikirlərindən təsirlənə bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Davud; ət-Tirmizi).

Lakin İslama dəvət məqsədilə inadkarlıq göstərməyən kafirlərlə yoldaşlıq etmək olar. Yoldaşlıq etməklə dostluq etmək arasında fərq vardır. Hər yoldaşlıq etdiyin dost sayılmır. Dostluq sıx bağlılıq və qarşılıqlı sevgi deməkdir. Yoldaşlıq isə müəyyən məqsədlər üçün ünsiyyət qurmaqdır. Həmçinin, qeyri-müsəlmanlarla ticarət əlaqələri də qurmaq olar və bu da dostluq sayılmır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə yaşayan yəhudi və xaçpərəstlərlə ticarət əlaqələri qurur, onlarla alış-veriş edərdi. Həmçinin oxuyun:

Qeyri müsəlmanı sevmək olarmı?
İslama dəvət necə olmalıdır?

Dostumun ateist olduğunu öyrəndim, nə etməliyəm?

Paylaş: