Ruh haqqında

    07.09.2019

Ruh sözü "rih" sözündən əmələ gələrək "xəfif külək" mənasını ifadə edir. Ruh görən və eşidən, bədənə daxil olaraq onu canlandıran, yuxu və ölüm anında bədəndən çıxan müstəqil varlıqdır. Uca Allah buyurur: Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir” (əl-İsra, 85).

Bu ayədə Uca Allah ruhun yalnız Onun xüsusi elminə bağlı bir varlıq olduğunu və bu elmdən insanlara az bir şey öyrədildiyini xəbər verir. Rəvayət edilir ki, İbn Məsud demişdir: “Bir gün mən Peyğəmbərlə birgə Mədi­nə xarabalıqlarının birindən keçirdim. Peyğəmbər xurma ağacından olan bir əsaya söy­kənə–söy­­kənə gedirdi. Bu vaxt biz bir dəstə yəhudinin yanından keçərkən onlar bir-bir­lə­­rinə: “Ondan ruh barəsində soruşun”– dedilər. Onlardan bəziləri: “So­ruş­ma­yın! Ola bilsin ki, onun verdiyi cavab sizin xoşunuza gəlməsin (sizdə şübhə oyat­sın)”, digər­ləri isə: “Yox! Müt­ləq soruşacağıq”– dedilər. Bir kişi ayağa qalxıb: “Ey Əbul-Qa­sım! Ruh nədir?”– deyə soruşdu. Peyğəmbər susdu. Mən öz-özümə: “Yə­qin ki, ona vəhy nazil olur” – dedim və ayağa qalxdım. Vəhy nazil olduq­dan son­ra Pey­ğəm­bər bu ayəni onlara oxudu: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir.” (əl-Bu­xa­ri, 125).

Uca Allah Qurani-Kərimdə Cəbrayıl adlı mələyi və onun gətirdiyi vəhyi ruh adlandırır. Ruh bədənə daxil olaraq onu diriltdiyi kimi Quran da insanın qəlbini dirildir. Uca Allah öz Peyğəmbərinə buyurur: "Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola, göylərdə və yerdəkilərin sahibi Allahın yoluna yönəldirsən. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır" (əş-Şura, 52-53).

Cəbrayıl Uca Allahın tapşırıqlarını yerinə yetirməkdə etibarlı olduğuna görə Qurani-Kərimdə Sadiq Ruh (Ruhul-Əmin) adlandırılır. Uca Allah buyurur: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu Sadiq Ruh sənin qəlbinə endirdi ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır" (əş-Şuəra, 192-196).
Həmçinin, Allahın dərgahında 
üstün məqama sahib olduğuna görə ona Müqəddəs Ruh (Ruhul-Qudus) da deyilir. Uca Allah buyurur: "De: "Müqəddəs Ruh onu  (Quranı)  sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir" (ən-Nəhl, 102).

Allahın Adəmə Öz ruhundan üfürməsi nə deməkdir?

Uca Allah Adəm – əleyhis-salam – haqqında buyurur: "Bir zaman Rəbbin mələklərə dedi: "Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" (əl-Hicr, 28-29).

Bu ayənin zahiri mənasına nəzər saldıqda, sanki Allahın Adəmə Öz ruhundan, yəni Öz zatına aid olan bir hissəsindən üfürdüyü kimi başa düşülür. Lakin, bu belə deyildir. Bu o deməkdir ki, Uca Allah ruhu mükəmməl olaraq yaratdığına və şərəfləndirdiyinə görə onu Özünə nisbət edir. Uca Allah Qurani-Kərimdə Kəbəni və ümumiyyətlə, bütün məscidləri “Allahın evi” adlandırır. Uca Allah məscidləri şərəfləndirmək və əzəmətləndirmək məqsədilə onları Özünə nisbət edir. Həmçinin, Peyğəmbərin səhih hədislərində İsa - əleyhis-salam - Ruhullah “Allahın Ruhu” adlandırılır. O, Allahın yaratdığı, Məryəmə göndərdiyi və Cəbrayılın onun bətninə üfürdüyü bir ruh olduğuna görə Uca Allah onu şərəfləndirərək Özünə nisbət edir. Uca Allah buyurur: "Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi "Ol!" kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: "Tanrı üçdür!" deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər" (ən-Nisa, 171).

Uca Allah bu ayədə xaçpərəstlərə xitab edərək Məryəm oğlu İsanın ancaq Allahın elçisi olduğunu, yəni onun rəbb və ya Allahın oğlu olmadığını, Allahın onu "Ol!" kəlməsi ilə yaratdığını və Onun tərəfindən Məryəmə göndərilən bir ruh olduğunu təsdiq etməyə, haqqı söyləyərək iman gətirməyə və Allah barəsində həddi aşmamağa çağırır.

İnsan yuxuda ikən ruhu alınır

Uca Allah buyurur: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır" (əz-Zumər, 42).

İnsanın yuxuda ikən ruhunun alınması ölüm anında olduğu kimi tam şəkildə baş vermir. Ona görə də yuxuya getmiş insanın öz bədənini eyni zamanda həm hiss etdiyini, həm də hiss etmədiyini müşahidə edirik. Bu səbəbdən yuxuda ikən insanın ruhunun bədənə olan bağlılığı oyaq olana və ya meyyitə olan bağlığı kimi deyil. Yuxuda insanın ruhu bu ikisinin arasında olan bir vəziyyətdədir. Həqiqətən, insanın ölməsi və ya yuxuya getməsində, əcəli çatmışların yuxuda ikən ruhunun alınması və möhlət verilənlərin isə ruhunun geri qaytarılmasında düşünən insanlar üçün Allahın ölüləri yenidən diriltməyə qadir olduğuna dəlalət edən ibrətlər vardır.

Ruhlar bir yerə toplanan əsgərlərə bənzəyirlər

Rəvayət edilir ki, Aişə demişdir: “Mən Peyğəm­bərin - sallallahu aleyhi və səlləm - belə dediyini eşit­mişəm: “Ruhlar bir top­lum əsgərdir. Onlardan xasiyyətcə bir-birinə uyğun gələnlər bir­-birinə qovuşur, uyğun gəlmə­yənləri isə ay­rı­lırlar." (Səhih əl-Buxari, 3336).
Di­gər rəvayətdə isə bu hədisin əvvəlində Amra bint Abdur-Rəhman demişdir: “Məkkədə zarafatçıl bir qadın vardı. Bir gün o, Mədinədə yaşayan özü kimi zarafatçıl bir qadınla görüşdü. Bu haqda Aişəyə xəbər verildikdə o, dedi: “Həbibim doğru söylə­mişdir. Mən Rəsu­lullahın belə dediyini eşitmişəm: “Ruhlar bir top­lum əsgərdir...” (Mus­nəd Əbu Yə’la, 3/1082-1083; Şoəbul-İman, 8621).
Burada söhbət Adəm oğullarının ruhlarından gedir. Uca Allah bu ruhları fərq­li yaratmışdır. Bunların bir qismi xeyirli işlərə meyilli, digəri də şər əməllərə meyilli­dir. 
Təbiətcə xeyirli işlərə meyilli olan özü kimisinə meyil edir, onunla görüş­mə­yə can atır, onunla oturub-durmaqdan həzz alır, şər əməllərə meyilli olan da həmçinin, özü ki­mi­­sinə meyil edir.

Şəhidlərin ruhları

İbn Abbas rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, Uca Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaşlarımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydılar”. Allah: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər” (Ali-İmran, 169)”. (Əbu Davud 2158, 2520, 2522).

Ruhlar bizi görürmü?

Uca Allah Qurani-Kərimdə ruhların dünya ilə əlaqəsini kəsildiyini, onların qiyamətə qədər bərzəx (maneə) adlanan yerdə qaldıqlarını bildirir: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır". (əl-Muminun, 99-100)

Paylaş: