Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?

    15.05.2020
Kimdən: 
B
Sual: 
Əssələmu Aleykum Bir insanın Atası övladı islamda olduğu üçün ona zülm etməsi onunla düşmən kimi davranması və onu evdən çıxıb başqa yerdə yaşa deməsi nə dərəcədə doğrudur.Bu Allahın imtahanı ola bilərmi...Valideyin Allaha çox asi olan və evə daim haram gətirən birisi olduğda övlad yetkinliy yaşına çatdıqda evi tərk edib başqa yerdə yaşıya bilərmi...Valideyin Kafir olarsa və övladı Allaha asiliyə çağırarsa onda Ata ilə davranış necə olmalıdı .
Cavab: 

Aleykum salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Bilin ki, Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Həmçinin, övlad da valideynə qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Atanızın sizə qarşı belə davranması valideyn adını və haqqını üstündən götürmür. Siz çalışın ki, bir müsəlman övlad olaraq öz üzərnizə düşən vəzifələri yerinə yetirəsiniz. Valideyn Allaha asi olsa və hətta kafir olsa belə, onun haqqı övladın üzərindən düşmür. Çalışın atanıza haqqı gözəl şəkildə çatdırın və sizə qarşı etdiklərinin böyük günah olduğunu başa salın. Onlar sizi söysələr belə, eyni şeyi siz də onlara qarşı etməyin. Bilin ki, Qiyaməıt günü hər kəs öz əməlinin cəzasını alacaq: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8); "Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir". (əl-Bəqərə, 286). 

Əgər valideyn övladını Allaha asi olmağa çağırırsa, övlad bu işdə ona itaət etməməlidir, lakin dünya işlərində onunla gözəl davranmalı və onunla əlaqəni kəsməməlidir. Uca Allah bu xüsusda buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm". (əl-Ənkəbut, 8).

Həmçinin buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 15-16). Valideyn haqları barədə daha ətraflı oxuyun:

Valideyn haqqı barədə
İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: