Allah dini barədə elmsiz danışmağın təhlükəli olması barədə

    29.08.2020
Kimdən: 
Allahın qulu
Sual: 
Əs sələmu aleykum və rahimətullahi və bərəkətuhu.Uca Allah sizi xeyirlə mükafatlandırsın. Allahın izni ilə bizə, İnsanın bilmədiyi halda Allahın dinindən danışması və bunun nə qədər təhlükəli olması haqda məlumat verərdiz. Əvvəlcədən sizə təşəkkür edirik.
Cavab: 

Və aleykumus Sələm və Rahmətullahi və Bərakətuhu. Elmsiz Allahın adından danışmaq ən böyük günahdır. Bu günah hətta Allaha şərik qoşmaqdan da böyükdür. Uca Allah buyurur: "De: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur". (əl-Əraf, 33). 
Bu ayədə Uca Allah ən böyük günahları yüngüldən başlayaraq sıralamışdır və diqqət etsək görərik ki, Allaha şərik qoşmaqdan sonra Allah barədə elmsiz danışmağı qeyd etmişdir. Çünki Allah barədə elmsiz danışmağın fəsadı Allaha şərik qoşmaqdan daha böyükdür. Allahın adından yalan danışmağın zərəri digər insanlara da təsir edir.
Uca Allah həmçinin buyurur: "Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (ən-Nəhl, 116).
"Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır". (ən-Nur, 14-15).
"De: "Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız". De: "Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?" Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir". (Yunus, 60).
Ayələrdən də göründüyü kimi İslamın, Peyğəmbərin, Uca Allahın adından yalandan danışmaq, elmsiz hökm vermək ən böyük günahlardandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini eşitdim: "Mənim adım­dan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun". (Səhih əl-Buxari, 106). Həmçinin oxuyun:
Allahın adından ayə uyduranlar haqda - əl-Bəqərə surəsi 79 - cu ayə
İslamda dəlilsiz danışmaq barədə
İslama dəvət necə olmalıdır?

Paylaş: