Yoldaşım məni həddindən artıq qısqanır...

    19.04.2014
Sual: 
Salam aleykum. Mən 8 ildir ki, evliyəm, yoldaşım bu iller ərzində məndən həmişə şübhəlidir. Məni həddindən artıq qısqanır və mənim etmədiyim şeyləri mənim boynuma qoymağa çalışır. Bunun üçün mən yoldaşıma nə deyim və nə etməliyəm. Buna görə mənə inansın deyə 4-5 dəfə Qurana əl basmışam. Bunun günahı varmı, varsa nədir? Sağ olun. Allah sizden razı olsun.
Cavab: 

Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsai, 5/80-81; əl-Hakim, 1/72).
Siz yoldaşınıza gözəl tərzdə izah edin ki, insanı heç bir əsas olmadan nədəsə ittiham etmək olmaz. Bu böyük bir günahdır. Uca Allah bu barədə belə buyurmuşdur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır". (əl-Hucurat, 12).
"Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir". (Yunus, 36).
 "Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz". (ən-Nəcm, 28).

"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" (əl-Əhzab, 38).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Allahın qısqanclığın bəzisini sevir, bəzisinə də qəzəblənir. Allahın sevdiyi qısqanclıq şübhə doğuran işlər haqqındakı qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə şübhə doğurmayan işlərdən kənar olan qısqanclıqdır. Allah təkəbbürün bəzisinə qəzəblənir, bəzəsini də sevir. Sevdiyi təkəbbür insanın müharibə vaxtı və sədəqə verərkən təkəbbürdür. Allahın qəzəbləndiyi təkəbbür isə azğınlıq və lovğalanaraq özünü çəkməkdir". (Əbu Davud, 2659).
Şəriətin ümumi qaydasına görə ittiham edən tərəf öz ittihamına sübut gətirməlidir. Müdafiə olunan tərəf isə yalandan and içməyin böyük günah olmasını və Uca Allahın cəzasına səbəb olacağını başa düşərək and içməlidir. Ona görə də, siz and içdikdən sonra ərinizin sübut olmadan sizi günahlandırmağa haqqı yoxdur. Qurana əl basaraq and içmək isə qadağandır. Daha ətraflı: Qurana əl basıb and içmək haqqında

Teqlər: 
Paylaş: