Rəsulullahın nəsli kimlər olub?

    22.04.2014
Sual: 
Salam aleykum. Qardaş Rasulullahin (s.a.s) neçə zovcesi olub ve hansilarinin ushaglari olub ve onlar kimlerdir? Hansilar kimle aile heyati qurub? Neveleri barede? Yeni qardaş ümumilikde Rasulullahin (s.a.s) ehli beyti haqqinda etrafli cavab yazardiniz. Allah rizasi uchun. Allah sizlerden razi olsun!
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə (radıyallahu anhə) ilə evlənir. Mehiri (başlıq parası) 10 cavan dəvə, bir rəvayətə görə isə 6 cavan dəvə idi. İlk zövcəsi Xədicə binti Xuveylid ibn Əsəd ibn Abdul Uzzadır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onunla 25 yaşında evlənir. Xədicənin (radıyallahu anhə) isə 40 yaşı var idi. Xədicə (radıyəllahu anhə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) qabaq Atik ibni Aiz əl Mahzumi ilə evlənmiş o, öldükdən sonra isə Əbu Halə əl Teymi ilə evlənmişdir və bir uşağı olduqdan sonra o, da vəfat etmişdir. Xədicə (radıyəllahu anhə) hicrətdən 3 il əvvəl, bəzi rəvayətlərə görə 1 il əvvəl vəfat etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) o, ölüncəyə qədər başqa bir qadınla evlənməmişdir. İmam ən-Nəvəvi (rahiməhullahu) deyir ki: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) İbrahimdən başqa bütün övladları bu qadından olmuşdur. Birinci oğlu Qasim Peyğəmbərə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən qabaq dünyaya gəlir və 2 ay yaşadıqdan sonra vəfat edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun adı ilə kunyələnərək (ləqəblənərək) Əbul-Qasim (Qasımın atası) deyə çağrılırdı. Ənəs (radıyəllahu anhə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bazarda bir nəfərin başqasına: "Ey Əbul Qasım!" deyərək səslədiyini eşitdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) o, tərəfə baxaraq: "Mənim adımı götürün lakin mənim kunyəmlə (ləqəbimlə) kunyələnməyin (ləqəblənməyin)" deyə buyurdu. (əl-Buxari 6/647).
İbn Həcər (rahiməhullahu) deyir ki: "Bu ixtilaflı məsələdir və bu haqda bir neçə görüş vardır. Bəzilərinə görə bu qadağa yalnız onun yaşadığı dövrə aiddir, bəziləri də deyirlər ki, iki adı da birdən götürmək qadağandır (Həm Məhəmməd, həm də Əbul Qasim kunyəsini)". (İbn Həcər: "Fəthul-Bəri", 6/648).
İkinci oğlu Abdullahdır. Tahir və Tayyib olaraq da adlandırılmışdır. Bəziləri də qeyd edirlər ki, bunlar başqa övladlarıdır. Lakin doğru olan birincisidir. Peyğəmbərlikdən sonra dünyaya gəlmişdirlər. Üçüncü oğlu İbrahimdir. Hicrətin 8-ci ilində Mədinədə dünyaya gəlmiş və hicrətin 10-cu ildə 17 və ya 20 aylıq ikən vəfat etmişdir. Ənəs (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) oğlu İbrahim öldüyü zaman buyurdu: "O, körpə ikən öldü. Onun Cənnətdə iki süd anası vardır. Onlar onun südünü iki ilə tamamlayacaqlar. Çünki o, mənim oğlumdur". (Muslim, 2316).
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında günəş tutuldu. İnsanlar: "Günəş İbrahimin ölümünə görə tutulmuşdur" dedilər. Peyğəmbər (salləllahu aleyhim və səlləm): "Həqiqətən günəş və ay Allahın rəmzləridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar...". (əl-Buxari; Muslim).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) 4 qızı olmuşdur. Zeynəb (radıyəllahu anhə). Onunla Halə ibni Xuveylidin oğlu Əbul As ibni  Rabi ibni Abdul Uzza ibni Abduşşəms evlənmişdir. Fatimə (radıyəllahu anhə). Onunla Əli ibni Əbu Talib (radıyallahu anhu) evlənmişdir. Övladları: Həsən, Huseyn, Zeynəb, Ummu Kulsum (radıyəllahu anhum). Ruqəyyə və Ummu Kulsum (radıyəllahu anhumə), bunların ikisi ilə Osman (radıyəllahu anhu) evlənmişdir. Əvvəlcə Ruqəyyə (radıyəllahu anhə) ilə evlənmiş, onun ölümündən sonra Ummu Kulsum (radıyəllahu anhə) ilə evlənmişdir. Hər ikisi (radıyəllahu anhumə) də onun nigahı altında vəfat etmişdir. Buna görə də Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Osmanı (Allah ondan razı olsun) "zinnureyn" (iki nur sahibi) olaraq adlandırmışdır. Ruqəyyədən (radıyəllahu anhə) olan övladı Abdullah, hicrətin 2-ci ilində Ramazan ayında Bədr günündə vəfat etmişdir. Ummu Kulsum (radıyəllahu anhə) isə hicrətin 9-cu ilində Şaban ayında vəfat etmişdir. Fatimədən (radıyəllahu anhə) başqa bütün övladları Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) əvvəl vəfat etmişlər. Yalnız Fatimə (radıyəllahu anhə) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) 6 ay sonra vəfat etmişdir. Peyğəmbərimizin (salləlahu aleyhi və səlləm) zövcələrinin adları: 1. Xədicə bint Xuveylid ibn Əsəd ibn Əbdul-Uzza, 2. Sövdə bint Zəmə ibn Qays, 3. Zeynəb bint Xuzeymə, 4. Ummu Sələmə bint Əbu Uməyyə, 5. Cuveyriyyə bint əl-Haris ibn Əbu Dirar, 6. Zeynəb bint Cəhş, 7. Ummu Həbibə bint Əbu Sufyan, 8. Məymunə bint əl-Haris əl-Hiləliyyə, 9. Safiyyə bint Həyiy ibn Əxtəb, 10. Mariyə əl-Qibtiyyə, 11. Reyhanə bint Zeyd ibn Şəmun, 12. Fatimə bint Şureyh, 13. Əsma bint Nu'mən ibn əl-Haris ibn Kində, 14. Aişə bint Əbu Bəkr, 15. Həfsa bint Ömər (Allah onların hamısından razı olsun). Uca Allah buyurur: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır...". (əl-Əhzəb, 6). Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əhli beyti haqqında isə buradan oxuyun: Əhli Beyt kimlərdir?

 

Teqlər: 
Paylaş: