Kripto valyuta almaq icazəlidirmi?

    30.12.2021
Sual: 
Salam aleykum.Kripto valyuta almaq icazelidirmi?İcazeli deyilse sebebi nedir?
Cavab: 

Va aleykum Salam. Kripto valyutalar iki növdür; 1) Hansısa bir dövlətin buraxdığı və etibarlı olmasına zamin durduğu; 2) Naməlum şəxslər tərəfindən buraxılan və heç kəsin zamin durmadığı kripto valyutalar. Məsələn: Bitcoin. Birinci növ kripto valyutaların istifadəsi və alınıb satılması icazəlidir. İkinci növ kripto valyutaları əksər alimlər qadağan edirlər və haram olmasına aşağıdakıları əsas gətirirlər:

1) Bu növ kripto valyutalar hər hansı bir dövlət tərəfindən dövriyəyə buraxilmayıb və bu valyutaya zamin duracaq şəxs və ya dövlət orqanı yoxdur. Odur ki kripto valyutalar pul xüsusiyyətinə malik deyillər.

2) İş adamları və tacirlər kripto valyutanı zərər baxımından ən təhlükəli (ən riskli) pul vahidi kimi görürlər və onun istənilən vaxt partlaya biləcəyini deyirlər. Buna sübut isə kripto valyutanın qiymətinin sürətli dəyişməsidir. 

3) Bu valyutanın məsdəri bilinmir, onu dövriyəyə buraxan məchuldur, kimliyi bilinmir. 

4) Bu valyutaya nəzarət etmək mümkün deyil. Odur ki bu valyutanın qiymətinin daim dəyişdiyinin şahidi oluruq.

5) Həmçinin bu valyutaya nəzarət olmadığı üçün terror, çirkli pulların yuyulması kimi əməliyyatların yerinə yetirilməsi üçün mənbə kimi işlənir. 

6) Bu valyuta ilə ticarət etmək ölkələrin iqtisadiyyatını zəiflədir və iqtisadiyyatın məchul şəxslər tərəfindən idarə olunmasına zəmin yaradır. 

Bütün bunlar göstərir ki, kripto valyutada bir çox gizli və qaranlıq məqamlar var. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şübhəli, qaranlıq məqamları, bilinməyən nəticəsi və aldanmaq ehtimalı olan hər növ ticarəti qadağan etmişdir. (Muslim, 1513). 

Bəzi ölkələrin kripto valyuta ilə ticarət etməyi icazəli görməsinə gəlincə (məsələn Almaniya kimi), bu ölkələrin məqsədi bu valyuta ilə ticarət edənlərdən vergi almaqdır, bu valyutaya zamin durmaq deyil. Çünki əvvəl qeyd etdiyimiz kimi bu valyutaya heç bir ölkə və ya şəxs zamin durmur. Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sənə şübhəli olan şeyləri tərk edib, şübhəli olmayanı götür!..." (ət-Tirmizi, 2518; Əhməd, 1630; İbn Hibban, 722; ən-Nəsəi, 5615). Həmçinin demişdir: "Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunu bilməzlər. Kim şübhəli məsələlərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli məsələlərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir" (əl-Buxari, 52; Muslim, 1599). 

Teqlər: 
Paylaş: