Ənəs ibn Malik (Allah ondan razı olsun) barədə yaza bilərsinizmi?

    02.05.2022
Kimdən: 
muslim
Sual: 
SalamAlleykum Ənəs bin Malik haqqında yaza bilərsiz
Cavab: 

Va aleykum Salam. 

Ənəs ibn Malik əl-Ənsari əl-Xəzrəci hicrətdən on il əvvəl dünyaya gəlmiş və kiçik yaşlarından İslamı qəbul etmişdir. On yaşı olduqda anası onu Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gətirmiş və o Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rəbbinə qovuşana qədər ona xidmət etmişdir. Bu səbəbdən ona "Xadimur-Rasul" (Peyğəmbərin xidmətçisi) ləqəbi verilmişdir. O, bu adla fəxr edərdi, fəxr etməyə də haqqı vardı. Çünki bu, onun üçün böyük bir şərəf idi. Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən çox hədis rəvayət edən səhabələrdən biridir. əl-Buxari və Muslimin "Səhih" əsərlərində ondan 2286 hədis rəvayət edilmişdir. Ənəs, sərrast ox atmağı ilə tanınırdı. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona etdiyi dua səbəbiylə uzun ömür sürmüş və çox sayda oğul-uşağa sahib olmuşdu. Anası Ummu Süleym Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) oğlu Ənəs üçün dua etməsini istəmişdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də dünya və axirətdəki hər cür yaxşılığı ona verməsi üçün Allaha dua etmişdi. Bu duasında Peyğəmbər belə demişdi: "Allahım! Onun mal və övladını artır və ona bərəkət ver!"

Allahın, Ənəsə bir lütfü olaraq bağındakı ağaclar ikiqat meyvə verərdi. Ənəs ibn Malik, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatda ikən Mədinədə qaldı. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdən sonra Dəməşqə köçmüş və bir müddət orada qalmışdır. Sonra oradan Bəsrəyə köçmüş və ölənə qədər orada qalmışdır. Ənəs ibn Malik ən son vəfat edən səhabələrdən biridir. Ənəs ibn Malik (Allah ondan razı olsun) hicri 93 ilində Bəsrədə yüz yaşında vəfat etmişdir. Bəzi alimlər onun vəfat edərkən yaşının yüzdən artıq olduğunu demişlər. Əbu Hureyra (Allah ondan razı olsun) Ənəs barədə belə demişdir: "Namazı onun qədər Peyğəmbərin namazına bənzəyən başqa bir insan görmədim". Uca Allah ondan və bütün səhabələrdən razı olsun.

Teqlər: 
Paylaş: