Allah yanında üstünlük yalnız təqva ilədir

    18.02.2023

Təqva - Allahdan qorxmaq, onun əmrlərini yerinə yetirmək və qadağan etdiyi şeylərdən çəkinməyə deyilir. Uca Allah buyurur:
“Şübhəsiz ki, Allah yanında ən qiymətli və ən üstün olanınız, təqva baxımından ən üstün olanınızdır (Allahdan ən çox qorxanınızdır). Həqiqətən, Allah biləndir, hər şeydən xəbərdardır”. (əl-Hucurat, 13).
Peyğəmbərimiz ﷺ demişdir: “Ey insanlar! Rəbbiniz birdir. Atanız birdir. Hər biriniz Adəmdənsiniz. Adəm də torpaqdandır. Allahın yanında ən üstün olanınız Ondan ən çox qorxanınızdır. Təqva (Allah qoxusu) istisna olmaqla, ərəbin əcəmə (ərəb olmayanlara), əcəmin də ərəbə heç bir üstünlüyü yoxdur,” (Əhməd, 5/ 411)

Bunlardan sonra kiminsə hansı nəsildən gəlməsinə görə üstün olduğunu bildirməsi sadəcə mənasız söz yığınıdır. İslam dini bizə Allahın kiməsə görə günahlarımızın bağış­lanmasını və ya kiminsə xətrinə görə bəlanın qaldırılacağını, bizə kiməsə görə şəfa, ruzi və s. digər nemətlər veriləcəyini, ehtiyacları ödəyəcəyini öyrətmir. İnsan yalnız öz əməllərinə görə yaşayıb sorğu-sual olunacaq.

Hər bir insan bilməlidir ki, onu Allah yanında ucaldan – onun digərindən üstün olmasına əsas meyar cismi sağlamlıq, maddi rifah, elmi səviyyə deyil, təqva (Allah qorxusu) və iman hesab olunur. Allahın əmrlərini yerinə yetirmək, qadağalarından, pisliklərdən çəkinmək, yaxşılı­ğa əməl edib və buna dəvət etmək təqvanın özüdür.

Allahın əmrlərini yerinə yetirmədən Allahdan qorxduğunu iddia edənin, ancaq işi düşəndən düşənə Allaha müraciət edənin Rəbbi qatında halı

Uca Allah buyurur:
“İnsana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar)”. (Fussilət, 51);
“İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi”. (Yunus, 10-12);
“İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!” (əz-Zumər, 8);
“İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna şahiddir”. (əl-Adiyat, 6-7);
“Həqiqətən, insan açıq-aydın nankordur”. (əz-Zuxruf, 15); 
“Ölsün insan! O necə də nankordur!” (Əbəsə, 17);
“Sizin üçün qulaqlar, gözlər və ürəkləri yaradan Odur. Siz nə az şükr edirsiniz”. (əl-Muminun, 78);
“(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemət­lərini sayacaq olsanız, onları sayıb qurtara bilməz­siniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (İbrahim, 32-34);
“Həqiqətən, Allah heç bir nankor xaini sevmir”. (əl-Həcc, 38);
“Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalan­dıra­rıqmı?” (Səba, 17);
“Sən korları da düşdükləri zə­lalət­dən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirən­lərə eşitdirə bilərsən”. (ər-Rum, 53).