Məryəmin İsanı dünyaya gətirməsi haqqında

    17.05.2014

Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"
Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir"».
Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: "Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!" Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: "Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: "Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam"».
Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: "Ey Məryəm! Sən yaramaz bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi".
Məryəm ona işarə etdi. Onlar dedilər: "Beşikdə olan körpə ilə necə danışaq?"
Körpə dil açıb dedi: "Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!"
Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!"– deyər, o da dərhal olar. 
İsa dedi: "Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur".
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır”
(Məryəm, 16-40).

Paylaş: