Özünə məzhəb seçmək vacibdirmi?

    21.05.2014
Kimdən: 
Cavid
Sual: 
Assalamu Aleykum. Mezhebler haqqında biraz melumat vere bilersiniz? Mezheb seçmek vavibdirmi? Mezheb seçmesem yalnış yola düşmüş biri sayılıram? Mezhebler niye yarandı? Ve en sonda eger vacibdirse hansı mezhebi meslehet görürsünüz? Minnetdaram!
Cavab: 

Aleykum salam. Bilmək lazımdır ki, islamda təriqət, məzhəbçilik və təfriqəçilik yoxdur. Quranda da bu barədə kifayət qədər ayələr mövcuddur. Dini səhih mənbələrdən (Qurani Kərim və səhih hədislər) öyrənmək lazımdır. Məzhəb alimlərinin və ümumən bütün islam alimlərinin Quran və Sünnəyə müvafiq olan sözlərinə tabe olmaq lazımdır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə məzhəblər olmayıb, ona görə də firqələrə bölünmək qadağandır. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103).
"(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105).

"(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).
Hər bir müsəlmanın məzhəbi Allah və Rəslunun yolu olmalıdır. Yəni İslama görə tabeçilik yalnız Allah və Rəsulunadır. Örnək olaraq xüsusi tabe olunası şəxs yalnız Allahın Rəsulu (Allahın ona və ailəsinə salamı və salavatı olsun) Məhəmməd Peyğəmbərdir. Bu xüsusda Uca Allah belə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab, 36). 
"(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Əbu Hureyrədən (Allah ondan razı olsun) belə rəvayət olunur: "Ümmətimin hamısı Cənnətə girəcək. Ancaq imtina edənlər müstəsna" Dedilər ki: Ya Rəsulallah imtina edənlər kimlərdir? Rəsulallah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Kim mənə itaət edərsə, Cənnətə girər. Kim də mənə asi olarsa o da imtina eləmiş olur". (əl-Buxari, 7143).
Lakin bilmədiyimiz məsələləri alimlərdən öyrənə bilərik. Uca Allah buyurur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (əl-Ənbiya, 7).
Həmçinin oxuyun: Hansı məzhəbə inanaq?

Paylaş: