Üzüstə yatmaq günahdırmı?

    07.12.2023
Kimdən: 
Rəsul Kazımlı
Sual: 
Əs-Sələmu aleykum və rəhmətullah. Mənim 2 sualım olacaq : 1.Üzü üstə yatmağın bəyənilməyən əməl olduğunu bilirəm amma başqa cür rahat yata bilmirəm.Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) necə yatardı ? Bir insan necə yatmalıdır ? Sulların cavabını alsam da üzü üstə yatmaq vərdişindən necə qurtula bilərəm ? 2.İnsanın bilərəkdən özünə zərər verməsi haramdır.Deməli buna gec yatmaq da daxildir.Mən necə e bilərəm ki tez yatmağa çalışım ? Gec yatdığıma görə günah qazana bilərəmmi ?
Cavab: 

Və aleykum Salam. Heç bir üzürlü səbəb olmadan üzü üstə yatmaq dinimizə görə bəyənilməyən əməllərdəndir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və belə dedi: "Bu cür uzanmağı Uca Allah sevmir". (İmam Əhməd, "əl-Musnəd" əsəri). Bəzi rəvayətlərdə isə gəlir ki, üzü üstə yatmaq cəhənnəm əhlinin yatışındandır. 

Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yatış formasına gəlincə, hədislərdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağ ovucunu sağ yanağının üstünə qoyaraq sağ tərəfi üzərində yatdığı bildirilir. Həmçinin o (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinə də belə buyurmuşdur. Əl-Bəra ibn Azib (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə dediyini rəvayət edir: “Yatağa uzandıqda namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ tərəfin üstə uzanıb de: “Allahummə inni əsləmtu vachi ileykə.Və fəvvadtu əmri ileykə.Və əl΄cətu zahri ileykə. Rəğbətən və rəhbətən ileykə. Lə məlcə'ə valə məncə minkə illə ileyk.Əməntu bi kitabikəl ləzi ənzəltə və bi nəbiyyikəl ləzi ərsəltə. (Allahım! Sənə ümid edərək və Səndən qorxaraq mən üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!) Bunlar son sözün olsun. Əgər bunu deyib o gecə ölsən, fitrət üzərində (heç bir günahı olmadan, anadan doğulmuş uşaq kimi) ölmüş olarsan". (Muslim, 2713). 

Başqa bir hədisdə demişdir: "Sizlərdən biriniz yatağına girdiyi zaman paltarının iç ətəyi ilə yatağını çırpıb təmizləsin. Çünki o, özündən sonra yatağa nəyin girdiyini bilmir. Uzanmaq istədikdə isə sağ tərəfi üstə uzanıb desin: “Sübhanəkə Allahummə rabbi bikə vəda’tu cənbiy və bikə ərfəuhu. İn əmsəktə nəfsiy fəğfir ləhə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi ibadəkəs-salihin (Ey Allahım! Sən pak və müqəddəssən! Rəbbim! Sənin sayəndə böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, onu bağışla! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!)". (Muslim). 


2) Dinimiz erkən yatmağı buyurur. Uca Allah gecəni yatmaq və dincəlmək üçün yaratmışdır. Uca Allah buyurur: "Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur" (əl-Furqan, 47). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşa namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı. (əl-Buxari: 2/49, №: 568; Muslim: 1/447, №: 647). Erkən yatmaq insanın Sübh namazına oyanması, habelə gündüz daha fəal olmasına əsas səbəbdir. Lakin gec yatmaq da günah sayılmır. Xüsusən əgər bunun üçün üzürlü səbəb olarsa. Heç bir səbəb olmadan gec yatmaq isə bəyənilmir. Həmçinin oxuyun:
Paylaş: