Evdə ağ hörümcək olanda uğur, qarası olanda isə uğursuzluq gətirməsi düzgündürmü?

    29.05.2014
Sual: 
Salam Aleykum. Evde qara horumcek olanda ugursuzluq, ag horumcek olanda ugur getirir deyirler. Bu duzdur?
Cavab: 

Aleykuma salam. Xeyir, bu düzgün deyildir. Bu kimi inanclar batil, mövhumat və xurafat yönlü fikirlərdən qaynaqlanır. Düşər-düşməzlik, nəhs gətirmək, sınaq eləmək, rəqəmlər və ya bürclərlə hərəkət eləmək, 7, 13 rəqəminin uğursuzluq gətirməsi, üzərlik yandırmaq, başdan duz səpələmək, göz-muncuğu, at nalı, güzgünün sınması, gecə vaxtı dırnaqları tutmaq, bayquşun ulaması, qara pişiyin kiminsə qabağından keçməsi, asqırmaq, cüt asqırmaq və bunlara bənzər fikirlər cahil insanlar arasında uğursuzluq kimi pis əlamətlərdən sayılır. İmran ibn Huseyn (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim (düşər-düşməzlik, nəhs gətirmək və s mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə Məhəmmdə nazil olanı inkar etmiş olur". (əl-Munziri: "Tərğib va-t-Tərhib", 4/52; əl-Heysəmi, 5/117).
Ümumiyyətlə islama görə isə pis əlamət anlayışı yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu barədə belə buyurub: "Pis əlamət yoxdur, ən gözəl şey (bir hadisəni) xeyrə, yaxşı yerə yozmaqdır". (əl-Buxari: "Tibb", 44; Muslim: "Salam", 102). 
Urva ibni Amir adlı səhabə (Allah ondan razı olsun) belə rəvayət edir: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) uğursuzluq haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Dəvud: "Tibb", 24).
Hədislərdən göründüyü kimi bir şeyi pis əlamət və ya uğursuzluq hesab etmək doğru deyildir. Həmçinin mövzu ilə bağlı bu linki oxuyun: Bəd əlamətlərə inanma!

Teqlər: 
Paylaş: