Təvəssülün neçə növü var?

    07.06.2014
Sual: 
salam eleykum. Təvəssülün neçə növü var?
Cavab: 

Aleykum salam. İlk öncə onu qeyd edək ki, təvəssül ərəb sözü olub mənası "yaxınlaşmaq" və ya "vəsilə, vasitə tutmaq" deməkdir. Vəsilə isə istəyə və məqsədə çatdıran vasitədir. Təvəssül dini termin olaraq isə Uca Allaha Onun razı qalacağı əməllərlə yaxınlaşmaq deməkdir. Təvəssülün iki növü var. Birinci növü dinimizə görə icazəlidir. Bunun özünün də üç növü vardır:
1) Allahın Ona məxsus ad və sifətləri ilə təvəssül etmək. Müsəlmanın dua edərkən: "Ey Allahım, mən səndən Rəhman və Rəhim olduğun üçün mənə sağlamlıq verməyini diləyirəm" və ya: "Ey Allahım, mən səndən hər şeyi əhatə edən rəhmətinlə mənə mərhəmət etməyini, məni bağışlamağını diləyirəm" deməsi, yaxud buna bənzər Uca Allaha gözəl adları və sifətləri ilə dua etməsi şəklində olur. Belə təvəssülə Allahın aşağıdakı ayəsi dəlildir: "Ən gözəl adlar (əsməul husnə) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!" (əl-Əraf, 180).
Hədislərdən isə peyğəmbərin istixarə namazında dedikləri bu sözləri misal göstərmək olar: "Allahummə inni əstəxirukə bi ilmikə va əstaqdiru bi qudratikə va əsəlukə min fadlikə-l-Azim". Mənası belədir: "Ey Allahım, mən sənin elminlə səndən xeyirli olanı istəyirəm. Qüdrətinlə mənə güc verməyini istəyirəm, sənin çox böyük lütfünü arzulayıram". (əl-Buxari).
2) Bəzi yaxşı əməllərlə Allaha təvəssül etmək. Yəni, iman və doğru əməllərlə Allaha təvəssül etmək. Bu da Allah üçün və Onun dininə uyğun olan gözəl əməllərlə olur. Bu əməllərlə Allaha dua edərkən: "Ey Allahım, sənə olan imanım, sevgim və Rəsuluna tabe olmağım üçün məni bağışla", – deməsi və dinə uyğun belə dualar etməsi buna misaldır. Qurandan Allahın aşağıdakı ayəsini misal göstərmək olar: "Ey Rəbbimiz, bizə nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri haqqa şahid olanlarla bir yerdə yaz!" (Ali İmran, 53).
İbn Ömərin (Allah onlardan razı olsun) mağaraya sığınan üç insanın qarşılaşdığı hadisə ilə bağlı rəvayət etdiyi hədis də buna misaldır. Hədisdə bildirilir ki, onlar mağaraya girdikdən sonra bir qaya parçası mağaranın ağzına yuvarlanıb oranı bağlamışdı. Bundan sonra onlar yaxşı əməlləri ilə Allaha təvəssül etdilər. Birinci insan ata-anasına yaxşı davranmasını, ikincisi lazımi imkanlar olduğu halda günahdan uzaq olub namuslu davranmasını, üçüncü isə əmanəti və insanların haqqını verməsini vəsilə etmişdi. (əl-Buxari və Muslim). 
3) Duasının qəbul olunması ehtimal olunan yanındakı əməlisaleh, həyatda olan müsəlmanın duası ilə təvəssül etmək. Bu, bir müsəlmanın böyük çətinliyə və çıxılmaz vəziyyətə düşüb əməlisaleh və təqvalı (Allahdan qorxan) müsəlmanın yanına gedərək onun üçün Rəbbinə dua etməsini istəməsidir. Duası ilə təvəssül edilən insan müsəlman olmalı, doğru əmələ malik və dua edəcək gücdə olmalı, buna görə də heç bir məbləğ almamalıdır. Ənəs ibni Malik (Allah ondan razı olsun) nəql edir ki,bir cümə günü Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xütbə oxuduğu əsnada bədəvi (çöl ərəbi) ərəbin davranışı ilə bağlı rəvayətdir. Bu insan Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) onlar üçün Uca Allaha dua edib quraqlıqdan sonra yağış yağdıraraq köməklərinə yetişməsini diləmişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də əllərini göyə qaldırıb onlar üçün dua etdi və yağış yağdı. (əl-Buxari və Müslim).
Səhabələrin (Allah onlardan razı olsun) həyatından dəlil isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfatından sonra Ömər, Abbas ibn Abdulmuttalibə (Allah onlardan razı olsun) Uca Allaha yağış yağdırması üçün dua etməsini demişdi. (əl-Buxari).
Buradakı "yağış yağma istəyi", yəni yağış yağdırması üçün Uca Allaha dua etməsini bildirmiş və bunun üçün də: "Dua et, ey Abbas" demişdir.
İkinci növü isə haramdır. Bunun da iki növü var:
1) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ya övliyanın hörməti ilə Uca Allahdan istəmək. Məsələn, Allahım Peyğəmbərinin və yaxud hansısa xeyirxah insanın xətrinə Səndən istəyirəm. Düzdür, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və əməlisaleh bəndələrin Uca Allah yanında xətirləri böyükdür. Amma xeyirli işlərə bizdən daha çox həris olan səhabələr quraqlıq baş verdikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbri onlara yaxın olduğu halda, yenə də onun xətri ilə təvəssül etmədilər. Onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisi Abbasın (Allah onlardan razı olsun) duası ilə təvəssül etdilər.
2) Peyğəmbərə (salləllahu aleyhi və səlləm), yaxud övliyaya and içərək bəndənin Rəbbindən istəməsi. Məsələn, Allahım Sənin övliyan filankəsə, yaxud filan peyğəmbərinin (salləllahu aleyhi və səlləm) haqqını Sənə and verərək, filan şeyi istəyirəm. Bu şəkildə də dua etmək qadağandır. 

Teqlər: 
Paylaş: