Allah Təalanın ad və sifətləri barəsində müsəlmanın etiqadı necə olmalıdır?

    11.06.2014
Sual: 
Salamun aleykum. Qardash zehmet olmasa deye bilersinizmi, Allah Tealanin Ad ve Sifetler movzusunda islamin movqeyi ve heqiqi eqide sahibleri olan muselmanlarin etiqadi nece olmalidirsa?
Cavab: 

Aleykum salam. Uca Allahın ad və sifətlər mövzusunda hər bir həqiqi etiqad sahibi olan müsəlmanın əqidəsi Quran və səhih hədislərdə gəldiyi şəkildə olmalıdır. Yəni, Uca Allah Özünü Qurani Kərimdə necə adlandırıbsa, eləcə də Rasulullah (salləllahu aleyhi və səlləm) Onu necə adlandırıbsa, biz də Uca Allahı məhz o cür adlandırmalıyıq. Buna nə əlavə edirik, nə də əksildirik.
İmam Əhməd demişdir: "Allah Təalə Özünə nəyi vəsf edibsə və həmçinin Rasulullah Ona nəyi vəsf edibsə, Uca Allah da yalnız onunla vəsf olunur. Ona görə də biz Quran və Sünnəni aşmırıq".
İbn Teymiyyə bu barədə belə buyurur: "Həqiqi əqidə sahibləri olan müsəlmanların bu msəsələdə yolu budur ki, Uca Allah Özünə nəyi vəsf edibsə, həmçinin Rasulullah Ona nəyi vəsf edibsə, onlar da heç bir təhrifsiz, inkarsız, keyfiyyətinə varmadan və oxşatmadan bunu qəbul edirlər".
"Onun bənzəri heç bir şey yoxdur". (əş-Şura, 11). Bu ayəyə əsasəndə Allah haqqında düşünüb Ona bənzərlik və ya oxşatma vermək olmaz.
Uca Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti (necəliyi) haqqında fikir yürütmək və sifətlərin necəliyi haqqında suallar vermək. Uca Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. "Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir" deyərlər. "Bunları ancaq ağıllı adamlar dərk edər". (Ali İmran, 7).
Bir gün bir nəfər İmam Malikin yanına gələrək ondan soruşur: "İstiva" (yəni Uca Allahın ərşə ucalması, yüksəlməsi) nədir? İmam Malik belə cavab verir: "İstiva" məlumdur, keyfiyyəti məchuldur (yəni bilinməyən), ona iman etmək vacibdir, onu inkar etmək küfrdür, o haqda sual vermək isə bidətdir. (Yəni dində olmayıb, sonradan meydana gələn yeniliklər)". Sonra da ona Uca Allahın bu aysəni oxuyur: "ər-Rahmən Ərşə ucaldı". (Ta Ha, 5)". (İmam əz-Zəhəbi "əl-Ərş" kitabı, 1/117).
Rabia buyurub: "İstiva məchul deyil (mənası aydındır) və keyfiyyəti ağıla sığan deyil və bu Allahdan gələn risalədir və Rəsulullahdan çatdırmaqdır və bizim üzərimizə düşən isə təsdiq etməkdir". (İmam əz-Zəhəbi "əl-Ərş" kitabı, 2/178).
Valid ibn Muslim deyir ki, Əvzai, Sufyan ibni Uyeynə və Malik ibni Ənəsdən ad və sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: "Bunları gəldikləri kimi qəbul edin, onlarla əlaqəli keyfiyyət düşünməyin".
Tabeinlərin dövründə yaşayan imam əl-Əvzai belə deyib: "Biz və tabienlər (səhabələrin ardıcılları) hamılıqla deyirdik: Həqiqətən Allah ərşinin üzərindədir və səhih hədislərdə Onun varid olan sifətlərinə iman gətiririk". (İbn Həcər "Fəth əl-Bari" 13/406).
Tabeinlərdən olan İshaq ibn Rahəveyh isə "ər-Rahmən Ərşə ucaldı" ayəsi barəsində demişdir "Elm əhli icma ediblər ki, O, Ərşin üzərinə ucalıb və yerin altında və dənizlərin ən dərinliklərində olanlardan.. və hər yanda olanlardan xəbərdardır." ("Muxtəsar əl-Uluv", səh. 194).
İmam əz-Zuhri isə belə deyir: "Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir".
Əbu Hənifə də belə demişdir: "Kim qulları tanıyan kimi Allahı tanıyarsa kafir olar".

Paylaş: