Ruzinin artması üçün nə etməliyik?

    07.01.2015
Sual: 
Ruzinin artmasi üçün hansi dua edek ne edek
Cavab: 

Aleykum salam. Ruzinin artması üçün şəriətdə xüsusi bir dua yoxdur. Amma müəyyən əməllər vardır ki, bunlar Allahın izni ilə ruzinin artmasına səbəbdir. Şəriətdə buyurulan bəzi mühüm səbəblər bunlardır:

Allahdan bağışlanma diləmək və tövbə etmək
Bu xüsusda Uca Allah buyurur: "Və dedim: "Tövbə edib Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, tövbə edən bəndəsinin günahlarını çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!" (Nuh, 10-12).

Allahdan qorxmaq və günahlardan çəkinmək
Uca Rəbbimiz buyurur: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən sonra bir çıxış yolu bəxş edər və ona gözləmədiyi yerdən ruzi verər". (ət-Talaq, 2-3).
"Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq". (əl-Əraf, 96).

Yalnız Allaha təvəkkül etmək
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O, quşa ruzi verdiyi kimi, sizə də ruzi verər. Belə ki, quş səhər-səhər yuvasından qarnı ac uçub gedir, axşam isə ora tox qayıdır".

Dua etmək
Ummu Sələmə (Allah ondan razı olsun) Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) sübh namazının axırında salam vermək istədikdə belə söylədiyini nəql edir: "Allahummə inni əsəlukə rizqan tayyibən, va ilmən nəəfiən va amələn mutəqabbilən" (Allahım səndən halal ruzi, faydalı elm və qəbul olunmuş əməllər istəyirəm)". (İbn Məcəh, 925).
"Allahım! Mənim günahımı bağışla, evimə genişlik ver və mənə lütf etdiyin ruzini də bərəkətli et!" (Əhməd: "Musnəd", 4/63).
"...Allahım! Borc içində boğulmaqdan, düşmənə məğlub olmaqdan və düşməni sevindirəcək vəziyyətə düşməkdən Sənə sığınıram!" (Əbu Dəvud, 1555).

"...Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığı­nıram. Qə­bir əzabından Sənə sığını­ram. Həqiqətən Səndən başqa haqq olan məbud yoxdur!" (Əbu Dəvud, 4/324; Əhməd, 5/42; ən-Nəsəi, "Əməlul-Yov­mi Va-l-Leyl", №22, səh: 146; İbn əs-Sunni, № 69, səh: 35; Buxari, "Ədəbu-l-Mufrad", 701).
"Allahım! Məni o qədər halal ruzi ilə qane et ki, harama girməyim. Məni kərəminlə elə zəngin et ki, Səndən başqasına möhtac olmayım!"
"Allahım! Xəsislikdən, tənbəllikdən, ömrün sonunda maddi-mənəvi möhtac vəziyyətə düşməkdən, qəbir əzabından, dirilərin və ölülərin fitnəsindən Sənə sığınıram!" (əl-Buxari: "Cihəd", 25).
Daha ətraflı: Ruzi üçün dualar

Nemətlərə görə şükür etmək
Uca Yaradan belə deyir: "O zaman ki, Rəbbiniz bildirmişdir: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir". (İbrahim, 7).

Qohumluq əlaqələrini möhkəmləndirmək
Ənəs ibn Məlik (Allah ondan razı olsun) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) belə dediyini xəbər verir: "Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə qohumluq əlaqəsini saxlasın". (Səhih əl-Buxari, 2067; Səhih Muslim, 2557).
Məşhur hədis alimi İmam Nəvəvi (rahiməhullahu) belə deyir: "Ruzisinin artmasını" yəni “genişlənməsi və bol olmasını” deməkdir. Və yaxud "bərəkətli olmasını" deyilmişdir".

Tez-tez sədəqə vermək
Uca Allah buyurur: "Ya Peyğəmbər! De: "Rəbbim istədiyinin ruzisini artırar və istədiyininkini də azaldar. Lakin insanların əksəriyyəti bunu bilməz!" (Səba, 36).
"Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir". (əl-Bəqərə, 261).

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə söyədiyini rəvayət edir: "Sədəqə malı azaltmaz". (Səhih Muslim).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: "Alimlər bu hədisin iki mənasını qeyd etmişlər. Birinci mənaya görə sədəqə verdikdə mal bərəkətlənir və bundan zərər sovuşur. Deməli açıq-aydın azalma gizli bərəkət ilə əvəz olunur. Bu təcrübədən bilinən və hiss olunan bir şeydir. İkinci mənaya görə isə görünüşdə malın azaldığı görünsə də, bundan gələn savabın əvəzi olacaq və qat-qat artacaq".
Həmçinin oxuyun:
Quran və Sünnədən seçilmiş dualar
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası

 

Teqlər: 
Paylaş: