İçəri daxil olan insan üçün hörmət əlaməti olaraq ayağa qalxmaq icazəlidirmi?
Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əgər bir yerdə insanların adəti gələnə hörmət əlaməti olaraq ayağa qalxmaqdırsa və bunu etməmək həmin adama qarşı hörmətsizlik, haqqının verilməməsi və ya onu kiçiltmək kimi anlaşılarsa, o zaman ayağa qalxmaq daha münasibdir. Bu, insanların arasındakı münasibətləri düzəldir və kin-küdurəti aradan qaldırır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir hədisdə belə buyurur: "Kim insanların onun üçün ayağa qalxmasını xoşlayarsa, qoy Cəhənnəmdə yerini hazır bilsin!” (ət-Tirmizi, 2755). Bu hədisdə qadağan edilən daxil olanı qarşılamaq üçün ayağa qaxlmaq deyil. Hədisdə qadağan olunan — insanların bir şəxsin qarşısında ayaqda dayanması, onun özünün isə oturmasıdır. Gələn adam üçün ayağa qalxmaq isə bu qəbildən deyil. Gələn adam üçün ayağa qalxmaq — onunla birlikdə ayaqda olmaq deməkdir və bu icazəlidir, oturana hörmət üçün ayağa qalxmaq isə başqa bir mahiyyət daşıyır, bu isə qadağandır.
Bu məsələnin daha da aydınlaşmasına əl-Buxari və Muslimin "Səhih" əsərlərində keçən Kəb ibn Malikin (Allah ondan razı olsun) hadisəsi də dəlildir. Allah onun və iki dostunun tövbəsini qəbul etdikdə Kəb məscidə daxil oldu və Talhə ibn Ubeydullah onu qarşılamaq üçün tələsərək ayağa qalxdı, salam verdi və tövbəsi münasibətilə onu təbrik etdi. (əl-Buxari, 4418; Muslim, 2769). Allah onların hamısından razı olsun. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu ona qadağan etmədi. Bu isə içəri daxil olan şəxsi qarşılayıb onunla salamlaşmaq üçün ayağa qalxmağın icazəli olduğunu göstərir.
Həmçinin rəvayət edilir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimənin (Allah ondan razı olsun) evinə girdikdə o ayağa qalxar, onun əlindən tutar və onu öz yerində otuzdurardı. Həmçinin Fatimə (Allah ondan razı olsun) də Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına girdikdə, o da ayağa qalxar, əlindən tutar və onu öz yerinə otuzdurardı. (Əbu Davud, 5217).