Evlənmək istəyənlərə on qızıl nəsihət
Ey əziz oğlum... ey dəyərli qızım...
Evlilik sadəcə iki nəfərin qovuşması deyil. Bu, iki qəlbin vədələşməsidir; ailənin iki təməli arasında məsuliyyətdir. Evlilik iman, ixlaslı niyyət, mərhəmət və səbir üzərində qurulmuş bir tikilidir. Sizə bu böyük binanın tikilməsində kömək olacaq on tövsiyəmi təqdim edirəm. Ümid edirəm ki, bu tövsiyələr ailənin qurulmasında faydalı və evlənən cütlük üçün bir asanlıq olar.
Birinci: Niyyətini düzəlt!
Allah Elçisi ﷺ buyurur: “Həqiqətən, əməllər niyyətlərə görədir” (əl-Buxari, 54). Qoy evlilikdə niyyətin bu olsun:
- Allahın rizasını qazanmaq,
- Nəfsi iffətlə haramdan qorumaq,
- İçində Rəbbinə ibadət olunan bir ev qurmaq.
Evliliyin məqsədi yalnız arzu və təbii ehtiyacları təmin etmək deyil. Doğru niyyət, evliliyi adətdən ibadətə, dünyəvi əməldən Cənnətə və Mərhəmətli Allahın rizasına aparan bir körpü edir.
İkinci: Evlilik – arzu və ya xəyal deyil, məsuliyyətdir!
Evlilik:
- Təklikdən qaçmaq üçün bir yol deyil,
- Duyğusal boşluğu doldurmaq üçün vasitə deyil,
- Qarşı tərəfi qurban verərək şəxsi arzuları həyata keçirmək vasitəsi deyil. Evlilikdə qarşı tərəfi də nəzərə almaq çox önəmlidir.
Əksinə, bu böyük bir məsuliyyətdir. İnsandan ağıl, səbir, anlayış və mülayimlik tələb edir.
Ümüncü: Əvvəlcə özünü hesaba çək!
- Evliliyə mənəvi hazırsanmı?
- Nəfsi və mənəvi ehtiyaclarını başa düşürsənmi?
- Qarşı tərəfin hüquqlarını öyrənmisənmi?
- Özünü mərhəmətə, dözümlülüyə və səbirə hazırlamısanmı?
Kişi Peyğəmbərin ﷺ “Qadınlara yaxşı davranın!” (İbn Məcə, 1501; ət-Tirmizi, 1107). hədisinin mənasını dərk edibmi? Qadın isə “O (ər), sənin cənnətin və cəhənnəmindir!” (Əhməd, 19025). hədisinin mənasını anlayıbmı? Uca Allah buyurur: “Onlarla xoş rəftar edin” (ən-Nisa, 21). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində deyir: “Yəni onlarla gözəl şəkildə danışın, davranışınızı və zahiri görünüşünüzü bacardığınız qədər yaxşılaşdırın. Qadının sənə qarşı necə olmağını istəyirsənsə, sən də ona qarşı elə ol. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır” (əl-Bəqərə, 228).
Dördüncü: Ünsiyyət qurmağı öyrən!
Heç bir evlilik mübahisəsiz keçmir. Lakin hər mübahisə sonda iki haldan biri ilə sonlanır: ya sevgini azaldır, ya da əksinə, sevgini gücləndirir. Bu isə qarşı tərəfin özünü bu mübahisədə necə aparmasından və qarşı tərəflə necə davranmasından asılıdır.
Bağışlamağı və gözəl danışmağı öyrən. Gözəl dinləyici ol. Aşağıdakı fərqi yaxşı anla: “Fikir ayrılığı” ayrı şeydir, “Qəlbi sərt olmaq, kobud olmaq” ayrı.
Beşinci: Kamil olanı axtarma – onu tapmaq çətindir!
Heç kim qüsursuz deyil. Ancaq elələri var ki, onun qüsurlarına dözə bilərsən, o da sənin qüsurlarına dözər. Uğurlu evlilik, iki kamil insanın deyil, nöqsanlarına baxmayaraq bir-birini tamamlayan iki insanın birliyidir. Ortaq nöqtələr axtarın və onları gücləndirin.
Altıncı: Sevgini qayğı və diqqətlə çoxalt, qarşı tərəfdən bunu gözləməklə və tələb etməklə yox!
Sevgi gözləməklə yox, qayğı ilə böyüyür. Saleh ər: qayğıkeş, diqqətli və nəzakətlidir. Ağıllı qadın: diqqət göstərməkdə çalışqan, qayğıda həssas, yaxşılığa təşəkkür edən, neməti danmayan qadındır. Sevgini böyütməkdə səy göstərin. Hər biriniz, qarşı tərəfin sevgi anlayışını qəbul etməyə çalışın!
Yeddinci: Birlikdə Allaha ibadət edin və həyatda əsas məqsədiniz Uca Allahı razı salmaq olsun!
Bu, dərin anlaşmanın bir göstəricisidir. Bəzi səhabələrdən evliliyin ilk günündə birlikdə namaz qılmaq varid olmuşdur. Evinizdə Quran oxuyun, ibadətlərə birgə vaxt ayırın.
Çünki: “Təqva ilə sulanan ev, dünyanın fırtınalarında və sərtliyində qurumaz”.
Səkkizinci: Evliliyə ötəri anlaşma kimi yox, ciddi müqavilə kimi yanaş!
Evlilik sadə bir razılaşma deyil, bu razılaşmada, haqlar, vəzifələr, şərtlər və əhdlər vardır. Peyğəmbər r vida həcci xütbəsində belə demişdir: “Qadınlarla xoş rəftar edin! Siz onları Allahın əhdi ilə aldınız və onları özünüzə Allahın kəlməsi ilə halal etdiniz” (Muslim, 2137, 3009). Hər biriniz: Vəzifələrinizi öyrənin, hüquqlarınıza sahib çıxın, qüsurlar baş verdikdə onu dürüst şəkildə qəbul edin.
Doqquzuncu: Şəriət elmi – ailənin islah olunmasının əsas səbəblərindən biridir!
Elm – ailənin dirəyidir. Öyrənməkdən əsla vaz keçməyin. Çünki elm sayəsində haqlar bilinir və qorunur, əxlaq və davranışlar düzgün formalaşır, davranışlar yumşalır, qəlblər isinir. Elmi filmlərdən yox, alimlərdən, tərbiyəçilərdən və təcrübəli saleh insanlardan alın.
İbn Sirin demişdir: “Həqiqətən bu elm bir dindir. Dinimizi kimdən öyrəndiyinizə baxın!”
Onuncu: İkiniz arasındakı münasibətin işığı nə vaxt sönərsə onu təzələyin!
Evlilik əvvəlcə tərəflərin bir-birinə heyran olması üzərində başlayır, lakin daha sonra tərəflər çalışmalıdırlar ki, bu birlik mərhəmət və sevgi ilə davam etsin! Amma zamanla bu duyğular dəyişə bilər. Elə isə: Münasibətləri mərhəmətə və sevgiyə çevirmək üçün çalışın. Duyğular dəyişsə belə, əsası unutmayın: Mərhəmət, sevgi, səmimiyyət, bağışlama və saleh niyyət. Bu dəyərlər, nə qədər uzaqlaşsanız da, hər zaman qayıdacağınız əsasdır.
