Şaban ayında oruc tutmağın hikmətləri

Möhtətrəm müsəlmanlar! Qarşıdan Şaban ayı gəlir. Peyğəmbər ﷺ Şaban ayında çox oruc tutardı. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ bəzən o qədər çox oruc tutardı ki, “artıq ayın sonuna qədər oruc tutacaq” deyərdik; bəzən də oruc tutmazdı hətta “artıq ayın sonuna qədər oruc tutmayacaq” deyərdik. Mən Peyğəmbərin ﷺ Ramazandan başqa heç bir ayı tam orucla keçirdiyini görmədim. Onu digər aylarda Şaban ayında tutduğu qədər çox oruc tutan görmədim”. (əl-Buxari, 1833; Muslim, 1956).
Bu və buna bənzər rəvayətlər Peyğəmbərin ﷺ Şaban ayında oruca verdiyi xüsusi əhəmiyyəti açıq şəkildə göstərir. Bəs bu ayda oruca bu qədər diqqət yetirməsinin səbəbi nə idi? Bu ayda oruc tutmağın hikmətləri bunlardır:
Birinci hikmət: Bəzi insanlar bu aya qarşı qəflətdə olurlar, insanların qəflətdə olduğu vaxt edilən ibadət daha fəzilətlidir:
Usamə ibn Zeyd (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi! Səni heç bir ayda Şaban ayında tutduğun qədər oruc tutan görmədim”. O isə buyurdu: “Bu Rəcəb ilə Ramazanın arasında olan elə bir aydır ki, insanlar ona qarşı qəflətdə olurlar. Bu, əməllərin aləmlərin Rəbbinə qaldırıldığı aydır. Mən isə istəyirəm ki, əməlim qaldırılarkən oruclu olum”. (Səhih Tərğib və Təthib, 425). Yəni Şaban ayı biri haram ay (Rəcəb), digəri isə oruc ayı (Ramazan) olmaqla iki böyük ayın arasında qaldığı üçün insanlar bu iki ayla məşğul olub Şabanı diqqətdən kənarda qoyurlar və beləliklə o ay haqda qəflətdə qalırlar. Rəcəb haram ay olduğu üçün bir çox insanlar bu ayda tutulan orucun Şaban orucundan daha fəzilətli olduğunu zənn edirlər, halbuki bu, doğru deyildir.
Bu hədis, həmçinin insanların qəflətdə olduğu vaxtları itaətlə dəyərləndirməyin müstəhəb olduğuna dəlildir. Necə ki, səhabə və tabeinlərdən olan bir qrup alim iki axşam namazı (Məğrib və İşa) arasını namazla dirçəltməyi xoş görər və: “Bu, qəflət saatıdır” – deyərdilər. Eyni şəkildə bazarda Allahı zikr etməyin müstəhəb olması da buna bənzərdir. Çünki bu, qəflət içində olan insanların arasında edilən bir zikrdir.
Qəflət zamanlarında görülən saleh əməllər nəfsə ağır gəlir. Əməllərin daha fəzilətli olmasının səbəblərindən biri də nəfsə ağır gəlməsidir. Çünki ətrafda bir əməli edənlər çox olduqda, onu yerinə yetirmək insan üçün asanlaşır; insanlar bir ibadət barədə qəflətdə olduqda isə insan üçün bu ibadəti etmək daha da çətinləşir. Bir hədisdə Peyğəmbər ﷺ buyurmuşdur: “Fitnə-fəsad zamanı ibadət etmək, mənə hicrət etmək kimidir”. (Muslim, 2984). Yəni insanların öz istəklərinin arxasınca getdiyi bir dövrdə, haqdan möhkəm yapışmaq çətin və ağır bir əməl olduğu üçün belə adlandırılmışdır.
İkinci hikmət: Bu ayda illik əməllər Allaha yüksəlir.
Peyğəmbər ﷺ əvvəl qeyd etdiyimiz hədisdə belə buyurur: “Bu, əməllərin aləmlərin Rəbbinə qaldırıldığı aydır. Mən isə istəyirəm ki, əməlim qaldırılarkən oruclu olum”. Bildiyimiz kimi həftəlik əməllər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı – Uca Allaha qaldırılır. Peyğəmbər ﷺ bu günlərdə oruc tutardı. Həmçinin illik əməllər Şaban ayında Allaha tərəf qaldırılır. Peyğəmbər ﷺ əməllərin Allaha tərəf qaldırıldığı vaxtlarda oruclu olmağı sevirdi.
Üçüncü hikmət: Şaban ayında oruc tutmaq Ramazan orucunu gözəl şəkildə yerinə yetirmək üçün hazırlıqdır.
Odur ki alimlər belə deyərdilər: “Şaban ayı Ramazanı gözəl şəkildə ibadətlə keçirmək üçün bir qapıdır”. Çünki bir insan Şaban ayında saleh əməllər etməklə özünü Ramazana hazırlayarsa, bu əməlləri Ramazanda daha gözəl şəkildə yerinə yetirməyə hazır olar. Şaban ayında oruc tutmaq Ramazan ayına hazırlıqdır. Kim Şaban ayında çox oruc tutarsa, Ramazan ayında oruc tutmaq ona asanlaşar. Odur ki bir çox alimlər Ramazan ayında tutulan oruc, Quran oxumaq, sədəqə və digər bu kimi əməlləri Şaban ayında da edirdilər. Şaban ayı alimlər arasında “Qarilərin ayı” adlanır. Çünki qarilər Ramazan ayında insanlara təravih namazı qıldırmaq üçün bu ayda Quranı təkrarlayırdılar.
Dördüncü hikmət: Şaban ayının orucu Ramazan orucundan əvvəl olan sünnə orucudur.
Vacib namazların sünnələri olduğu kimi, Ramazan orucunun da sünnəsi var və bu Şaban ayının orucudur. Əbu Bəkr əl-Varraq demişdir: “Rəcəb ayı əkin ayı, Şaban ayı əkini suvarmaq, Ramazan ayı isə biçin ayıdır”. (Lətaiful-Məarif, səh. 218).
Beşinci hikmət: Şaban ayında oruc tutmaq imanın qüvvətinə dəlalət edir.
Bu ayda tutulan oruc, insanların çoxunun qəflətdə qaldığı bir vaxtda qulun Rəbbinə bağlılığını göstərir. Şaban orucu qəlbi saflaşdırır, nəfsi Ramazana hazırlayır və ixlası dərinləşdirir. Bu ibadət möminin təkcə vaciblərə deyil, Allaha yaxınlaşdıran fürsətlərə də dəyər verdiyini isbat edir. Beləliklə, Şaban ayında oruc tutmaq imanın gücünü, şüurun ayıqlığını və qəlbin sədaqətini əks etdirən fəzilətli bir əməldir.