Müsəlmanla Xristian fərqi nədədir?

    29.06.2014
Sual: 
Salam mən bilmək istiyirəm ki Müsəlmanla Xristian fərqi nədədir onlar arasında fərq varmı? və birdəki bizdə məsələn üçün bizdə içki haramdırsa xristian və başqa dinlərdədə belədir. Müsəlman dini bütün dinlərdən üstün dinmidir. müsəlmanın xristian olması günahdırmı? bəs xristianın müsəlman olması necə?
Cavab: 

Aleykum salam. Müsəlmanlarla xristianlar arasında əsas fərqlər:
Müsəlmanlar tək olan Allaha heç bir şərik qoşmadan ibadət edir, xristianlar isə Uca Allaha şəriklər qoşurlar. Bu səbəbdən Uca Allah onların kafir olduğunu Qurani Kərimdə bir çox yerlərdə bizə bildirmişdir: "Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)". (əl-Maidə, 72-73).
Uca Allah Ona şərik qoşanları bağışlamayacağını digər bir ayədə belə bildirir: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116).

Allah qatında qəbul olunan yeganə din İslamdır: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19).
"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali İmran, 85).

Bütün peyğəmbərlər müsəlman olmuş, digər dinlər isə insanlar tərəfindən uydurulmuşdur: "Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz? İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (Tək Allaha ibadət edən) müsəlman idi və Ona şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" (Ali İmran, 65-68).

Uca Allah buyurur ki, bütün xristianlar və digər dinə iman gətirənlər Axirət əzabından qurtulmaq üçün İslamı qəbul edərək tək Allaha və onun elçisinə iman gətirməlidirlər. Müsəlman olanın digər dini qəbul etməsi isə onun əbədi Cəhənnəmdə qalacağını bildirir: "Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar". (əl-Bəqərə, 217). Daha ətraflı: İslam - tək haqq dindir

Paylaş: