Təklif etdiyim layihədə sonradan icra olunarkən şəriətə zidd hallar ola bilərsə, bu layihələri təklif etməyimdə mənə günah varmı?
Əssələmu aleykum. Əgər təklif etdiyiniz layihələrin əsası xeyir, fayda və insanların mənafeyinə xidmət edən işlərdirsə, bunda bir qəbahət yoxdur və bu, yaxşı işlərdə əməkdaşlıq sayılır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Layihənin həyata keçirilməsi zamanı sonradan şəriətə zidd olan işlərin görülməsində siz məsuliyyət daşımırsınız. Lakin əgər əvvəlcədən bunu bilirsinizsə, siz onlara gözəl şəkildə nəsihət edə bilərsiniz. Bununla da siz artıq üzərinizə düşəni etmiş sayılırsınız. Sizin vəzifəniz xeyirli ideyanı təqdim etməkdirsə və sonradan edilən haram seçimlər sizin nəzarətinizdən və qərarınızdan kənardadırsa, həmin günahı daşımazsınız.