Cəməl və Siffeyn döyüşləri barədə qısa məlumat

    18.07.2026
Kimdən: 
Sələfussalihin
Sual: 
Əs sələmu aleykum. Allah sizə bərəkət versin. əmin. Siffeyn və Cəməl döyüşləri haqqında ətraflı məlumat istəyirəm. Amma elə bir mənbəm yoxdu. Elm tələbələrinin də bu haüda danışdığı dərsləri yoxdu. Mənə bu haqda ətraflı məlumat lazımdı, ən azından döyüşlərdə nə olub, nə bitib bilmək istəyirəm. Allah elminizə bərəkət versin, əmin.
Cavab: 

Və aleykum Salam. Cəməl döyüşü hicrətin 36-cı ilində (656-cı ildə) Bəsrə yaxınlığında baş vermişdir. Bu döyüş Əli ibn Əbu Talibin ordusu ilə Aişə bint Əbu Bəkr, Təlhə ibn Ubeydullah və Zubeyr ibn Əvvamın tərəfdarları arasında baş vermişdir. Münaqişənin əsas səbəbi Osman ibn Əffanın qatillərinin cəzalandırılması məsələsində yaranan fikir ayrılığı idi. Belə ki Osman ibn Əffan xəvariclər tərəfindən qətlə yetirildikdən sonra Aişə bint Əbu Bəkr, Təlhə ibn Ubeydullah və Zubeyr ibn Əvvam Əlidən qatillərin cəzalandırılmasını tələb edirdilər. Çünki xəvariclər Əlinin dəstəsində idilər. Əli ibn Əbu Talib isə hesab edirdi ki, əvvəlcə dövlət sabitləşməli, təhlükəsizlik bərpa olunmalı, sonra isə qatillər cəzalandırılmalıdır. Çünki qatillər müxtəlif qəbilələrə qarışmışdılar və dərhal cəzalandırılmaları yeni fitnələrə səbəb ola bilərdi. Aişə bint Əbu Bəkr, Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvam isə Osmanın qatillərinin tez bir zamanda cəzalandırılmasının vacib olduğunu düşünürdülər. Onlar bu məqsədlə Bəsrəyə gedərək insanları islah etməyə və bu məsələdə dəstək toplamağa çalışırdılar. Aişə (Allah ondan razı olsun) döyüşmək üçün deyil, müsəlmanlar arasında islah etmək niyyəti ilə çıxmışdı. Hətta Əli (Allah ondan razı olsun) ilə görüşdən sonra tərəflər arasında barışıq əldə olunmuşdu. Lakin Osmanın qatilləri olan xəvariclər və fitnəkarlar başa düşdülər ki, müsəlmanlar barışsa, onlar məsuliyyətə cəlb ediləcəklər. Buna görə də gecə vaxtı hər iki tərəfin düşərgəsinə hücum edərək qarşı tərəfin hücum etdiyini düşündürdülər. Nəticədə hər iki ordu qəfil döyüşə başladı və Cəməl döyüşü baş verdi.

Siffeyn döyüşü hicrətin 37-ci ilində (657-ci ildə), Fərat çayı sahilində yerləşən Siffeyn adlı ərazidə baş vermişdir. Bu döyüş Əli ibn Əbu Talib ilə Müaviyə ibn Əbu Süfyan arasında baş vermişdir. Münaqişənin əsas səbəbi Osman ibn Əffanın (Allah ondan razı olsun) qətlə yetirilməsindən sonra qatillərin cəzalandırılması məsələsi idi. Əlinin isə qatillərin cəzalandırılması məsələsində müəyyən səbəbləri vardı. Həm Əli (Allah ondan razı olsun), həm də Muaviyə (Allah ondan razı olsun) bu məsələdə ictihad etmişdilər. Bu hadisədə haqq Əli tərəfində idi, lakin Muaviyə (Allah ondan razı olsun) da ictihad etdiyinə görə üzrlü sayılır və səhabə olduğu üçün ona dil uzadılmaz. Döyüş uzun müddət davam etdikdən sonra hər iki tərəf arasında mühakimə üçün hakim təyin edilməsinə qərar verildi. Bundan sonra Əlinin ordusunda olan "xəvariclər" ayrıldılar və həm Əliyə, həm də Muaviyəyə qarşı çıxdılar. Əlinin (Allah ondan razı olsun) öldürülməsinə səbəb də məhz onlar oldular. 

Müsəlman səhabələri sevməli, onların fəzilətini qəbul etməli və aralarında baş vermiş ixtilaflar barədə yalnız elm və ədəb çərçivəsində danışmalıdır. İslam alimləri bu hadisələri danışarkən səhabələrə rəhmət oxumağı və onların xətalarını yaymaqdan çəkinməyi tövsiyə etmişlər. Həmçinin oxuyun:

Hakimə qarşı çıxmaq olmazsa, Müaviyə və Aişə niyə Əliyə qarşı çıxdılar?

Paylaş: