Əlinin Həsənə əvvəlcə Həmzə, yoxsa Hərb adını qoymuşdu? Bu barədə gələn iki rəvayətdən hansı səhihdir?

    09.08.2026
Kimdən: 
Sələfussalihin
Sual: 
Əs sələmu aleykum. Sualım bu məlumatla bağlıdı, sizin saytdan oxudum deyə sizdən soruşuram:Muhəmməd ibn əl-Hənəfiyyə rəvayət edir ki, Əli ibn Əbu Talib demişdir: “Həsən dünyaya gəldikdə, mən ona Həmzə adını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuşdum. Sonra Peyğəmbər məni çağırıb dedi: “Mənə bunların adlarını dəyişdirmək əmr olundu!” Mən dedim: “Allah və Onun rəsulu daha yaxşı bilir!” Onda Peyğəmbər onlara Həsən və Hüseyn adını qoydu” (Silsilətul Əhadisis-Səhihə, 2709). | Lakin mən eşitmişdim ki, Əli Həsənə Harb adını qoymaq istəyib iş, amma Peyğəmbərimiz dəyişdirib Həsən qoyub. İki fərqli rəvayət var bu barədə, ya necə?
Cavab: 

Və aleykum Salam. Bu məsələdə iki fərqli rəvayət nəql olunmuşdur. Əlinin (Allah ondan razı olsun) Həsən və Hüseynə əvvəlcə Həmzə və Cəfər adlarını qoyduğu, sonra isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu adları Həsən və Hüseynlə əvəz etdiyi rəvayət hədis alimləri tərəfindən səhih hesab edilmişdir. Amma Əlinin (Allah ondan razı olsun) onlara əvvəlcə "Hərb" adı qoymaq istədiyi rəvayəti hədis alimləri tərəfindən zəif qiymətləndirilmişdir. (Bax: Silsilə əd-Daifə, 3706). Odur ki, bu məsələdə etibar edilən rəvayət Həsən və Hüseynin əvvəlcə Həmzə və Cəfər adlandırılması, sonra isə Allahın Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onların adlarını Həsən və Hüseyn olaraq dəyişdirməsini bildirən səhih rəvayətdir. 

Teqlər: 
Paylaş: