1. Fatihə surəsi

    06.09.2026

"əl-Fatihə" surəsi
سُورَةُ الْفَاتِحَةُ

Məkkə surəsidir, (Məkkə surələri Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olmuş surələrdir) digər bir rəyə görə, Mədinə  surəsidir. (Mədinə surələri hicrətdən sonra nazil olan surələrdir). Başqa bir rəyə görə isə iki dəfə nazil olub, bir dəfə Məkkədə, bir dəfə isə Mədinədə. Lakin birinci rəy (Məkkədə nazil olması) daha doğrudur. Yekdil rəyə görə, surə yeddi ayədən ibarətdir. Yalnız “bəsmələ”  barədə alimlər arasında fikir ayrılığı var. “Bəsmələ” (“Bəsmələ” “Bismilləhir-Rahmənir-Rahim” (“Mərhəmətli və Rəhmli Allahın adı ilə”) sözünün qısaldılmış formasıdır) ilə bağlı üç rəy mövcuddur:
1.    “Bəsmələ” surələrin əvvəlində sərbəst ayədir. Bu, Kufənin əksər qiraət alimlərindən məşhur olan rəydir. Həmçinin bir çox səhabə, tabiin və onlardan sonra gələn bəzi alimlərin rəyidir. 
2.    Ayənin bir hissəsidir. Burada Uca Allahın bu ayəsi nəzərdə tutulur: “O məktub Süleymandandır və onda deyilir: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” (ən-Nəml, 30).
3.    Ümumiyyətlə, heç bir surənin əvvəlindən sayılmır. Bu rəy Mədinənin qarilərinin və fəqihlərinin rəyidir. Allahın izni ilə yeri gəldikcə bu rəylərdən doğru olanının cavabı gələcək. Biz yalnız Ona arxayınıq. 
əl-Buxari “Təfsir” kitabının əvvəlində deyir: “əl-Fatihə” surəsi “Ummul-Kitab” – Kitabın anası - adlandırılmışdır, çünki Quran kitabı onunla başlanır. Namaz da bu surəni oxumaqla başlanılır. Başqa bir rəyə görə, bu surə məna baxımından bütün Quranı özündə cəm etdiyi üçün belə adlanmışdır. 
İbn Cərir deyir: “Ərəblər hər şeyi özündə cəm edən və tabe olanları ətrafında toplayan rəhbəri “Umm” – “ana” adlandırırlar. Məsələn, beyni özündə cəm edən qişaya (qabığa) “ummur-ras” – “başın anası” deyirlər. Həmçinin qoşunun daşıdığı və ətrafında toplaşdığı bayrağı da “Umm” – “ana” adlandırırlar.
Həmçinin bu surəyə  “əl-Fatihə” – “Kitabı açan” surə də deyilir, çünki Quranın oxunuşu bu surə ilə açılır. Səhabələr də Quranı kitab halına salarkən bu surədən başlamışlar. Bu surənin “Səbul-Məsani” – “Yeddi təkrarlanan ayə” adlanması da doğrudur, çünki bu surə namazda təkrarlanır və hər rükətdə oxunur. Baxmayaraq ki “Məsani” sözünün başqa mənası da var, Allahın izni ilə bu məna lazımi yerində qeyd olunacaq.
İmam Əhmədin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər demişdir: “O (“əl-Fatihə” surəsi)  Quranın anası (Ummul-Quran), təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Azim)”. (Əhməd, 9787. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1394). Həmçinin İbn Cərir də buna bənzər hədis rəvayət etmişdir. əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər demişdir: “Həmd olsun aləmlərin Rəbbi Allaha” surəsi yeddi ayədən ibarətdir. “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” birinci ayəsidir, o, təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Azim). O, Kitabın anası (Ummul-Kitab) və Kitabı açandır (Fatihətul-Kitab)”. (əl-Beyhəqi “Sunənul-Kubra” 2218, 4126, “Sunənus-Suğra” 275; ət-Tabərani “Mucəmul-Kəbir” 1288, “Mucəmul-Əvsat” 5102). Həmçinin əd-Daruqutni Əbu Hureyradan (Allah ondan razı olsun) o da Peyğəmbərdən bu hədisə bənzər və ya eynisini rəvayət etmiş və sonunda “hədisi rəvayət edənlərin hamısı etibarlı şəxslərdir”, – demişdir. əl-Beyhəqi də bu hədisi Əli, İbn Abbas və Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir və bu səhabələr Uca Allahın “təkrarlanan yeddi ayəni” (əl-Hicr, 87) Fatihə surəsi kimi təfsir etmiş və bu surənin yeddinci ayəsinin “bəsmələ” (“Mərhəmətli və Rəhmli Allahın adı ilə!”) olduğunu bildirmişlər.

"əl-Fatihə" surəsinin fəziləti
فَضْلُ الْفَاتِحَةِ
İmam Əhmədin Əbu Səid ibn əl-Muəlladan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “(Bir dəfə) mən məsciddə namaz qılırdım və Peyğəmbər məni çağırdı, lakin mən namazımı bitirənədək ona cavab vermədim. Namazımı bitirdikdən sonra gəldim və Peyğəmbər dedi: “Səni çağırarkən gəlməyinə nə mane oldu?” Mən dedim: “Ey Allahın Elçisi, mən namaz qılırdım!” Peyğəmbər buyurdu: “Məgər Allah: “Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Onun Peyğəmbərinin çağırışına cavab verin” (əl-Ənfal, 24), – deyə buyurmayıbmı?” Sonra o mənə dedi: “Məsciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm!” (Bir müddətdən) sonra Peyğəmbər mənim əlimdən tutub məsciddən çıxmaq istəyəndə dedim: “Ey Allahın Elçisi, sən dedin ki: “Məsciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm?!” O buyurdu: “Bəli, “Həmd olsun aləmlərin Rəbbi Allaha...” (“əl-Fatihə”, 2). Bu yalnız mənə verilmiş təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Azim)”. (Əhməd, 17784, 18005; əl-Buxari, 4474). Hədisi əl-Buxari, Əbu Davud, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. Həmçinin əl-Vaqidi buna bənzər hədisi Əbu Səid ibn əl-Muəlladan o da Ubey ibn Kəabdan rəvayət etmişdir.
İmam Malik ibn Ənəsin “əl-Muvatta” kitabında rəvayət olunan bir hədisi burada qeyd etmək yerinə düşərdi. Malik ibn Ənəs əl-Alə ibn Abdur-Rahmən ibn Yaqub əl-Huraqidən, o da Amir ibn Kureyzin azad etdiyi köləsi Əbu Səiddən rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər Ubey ibn Kəbi (Allah ondan razı olsun) məsciddə namaz qılarkən çağırdı, Ubey namazı bitirdikdən sonra gəlib Peyğəmbərə çatdı. Ubey deyir: “Peyğəmbər məsciddən çıxmaq istərkən əlini mənim əlimin üstünə qoyub dedi: “İstəyirəm, məscidin qapısından çıxmamış nə Tövratda, nə İncildə, nə də Furqanda (Quranda) onun kimisi nazil olmamış bir surəni biləsən”. Ubey dedi: “Bu surəni öyrənmək istəyi ilə asta yerişlə getməyə başladım. Sonra dedim: “Ey Allahın Elçisi, mənə vəd etdiyin surə hansıdır?” Peyğəmbər dedi: “Namaza başlarkən hansı surəni oxuyursan?” Ubey dedi: “Mən Peyğəmbərə “Həmd olsun aləmlərin Rəbbi Allaha...” ayəsindən surənin sonuna kimi oxudum”. Peyğəmbər dedi: “Sənə dediyim surə budur, bu yalnız mənə verilmiş təkrarlanan yeddi ayə (Səbul-Məsani) və əzəmətli Qurandır (əl-Quranul-Azim)”. (Malik, 186, 222, 224; əl-Hakim, 2049). Bu hədisi rəvayət edən Əbu Səid İbn Əsirin “Cəmiul-Usul” kitabında olan və onun davamçılarının düşündüyü Əbu Səid ibn əl-Muəlla deyil. Əbu Səid ibn əl-Muəlla (Allah ondan razı olsun) ənsarlardan olan səhabədir. (Səhabə – Peyğəmbərin dövründə yaşayıb, onu görən, ona iman gətirən və mömin olaraq ölən kəslərdir).  Bu hədisi rəvayət edən Əbu Səid isə tabiindir. (Tabiinlər – səhabələrdən sonra gələn nəsildir). O, Xuzaə qəbiləsinin azad etdiyi qullardan biridir. Əvvəl qeyd etdiyimiz birinci hədis muttəsil (Muttəsil hədis – sənədində heç bir arakəsmə olmayan, raviləri bir-birinə bağlı olan hədisə deyilir) səhih hədisdir. Bu hədisi rəvayət edən Əbu Səid, Ubey ibn Kəbdən (Allah ondan razı olsun) eşitməyibsə, hədisin zahiri munqati (Munqati hədis – sənədində arakəsmə olan, raviləri bir-birinə bağlı olmayan hədisə deyilir). hədisdir. Əgər eşidibsə, onda hədis Muslimin şərtinə uyğundur. (Hədis mətnində az dəyişikliklər olmaqla “əl-Muvatta”, səh. 87-dədir. Həmçinin bax: Cəmiul-Usul, 6225). Ən doğrusunu Allah bilir!
Həmçinin bu hədis Ubey ibn Kəbdən (Allah ondan razı olsun) digər formalarda da rəvayət olunub. Necə ki İmam Əhmədin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “Ubey ibn Kəb məsciddə namaz qılarkən Peyğəmbər onun yanına gəlib dedi: “Ey Ubey!” Ubey Peyğəmbərə tərəf çevrildi, amma cavab vermədi. Sonra Ubey namazına davam etdi və namazı qısaldıb  Peyğəmbərin yanına gəlib dedi: “Sənə salam olsun, ey Allahın Elçisi!” Peyğəmbər dedi: “Sənə də salam olsun! Ey Ubey, səni çağırdığım zaman mənə cavab verməyinə nə mane oldu?” Ubey dedi: “Ey Allahın Elçisi, namazda idim”. Peyğəmbər dedi: “Məgər sən Allahın mənə vəhy etdiyi Quranda “Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Onun Peyğəmbərinin çağırışına cavab verin” (əl-Ənfal, 24) ayəsini bilmirsənmi?” Ubey dedi: “Bəli, bilirəm, ey Allahın Elçisi, bir də belə etmərəm”. Peyğəmbər dedi: “İstəyirsən, sənə elə bir surə öyrədim ki, nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranda onun kimisi nazil olmayıb”. Mən: “Bəli, ey Allahın Elçisi”, – dedim. Peyğəmbər buyurdu: “Ümid edirəm ki, bu qapıdan çıxmamış o surəni biləcəksən”. Ubey dedi: “Peyğəmbər mənim əlimdən tutaraq söhbət etməyə başladı. Mən söhbətimiz bitməmiş qapıya çatmaqdan qorxduğum üçün asta yeriməyə başladım. Qapıya yaxınlaşdıqda dedim: “Ey Allahın Elçisi, mənə vəd etdiyin surə hansıdır?” Peyğəmbər dedi: “Namazda nə oxuyursan?” Mən də ona Ummul-Quranı oxudum. Peyğəmbər dedi: “Canım əlində olana and olsun ki, Allah nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranda onun kimisini nazil etməyib. O, təkrarlanan yeddi ayədir (Səbul-Məsani)”. (“əl-Musnəd”, 9334, 2/412. Hələb çapı. Buradakı sənədinə əsasən hədis səhihdir). Həmçinin hədisi ət-Tirmizi “Bu yalnız mənə verilmiş təkrarlanan yeddi ayə (Səbul-Məsani) və Əzəmətli Qurandır (əl-Quranul-Azim)” mətni ilə rəvayət etmişdir. Sonunda isə: “hədis həsən-səhihdir”, – demişdir. Bu mövzuda (Yəni “əl-Fatihə” surəsinin fəziləti). Ənəs ibn Malikdən (Allah ondan razı olsun) də hədis var. Həmçinin Abdullah ibn Əhməd Əbu Hureyradan, o da Ubey ibn Kəabdan bu hədisin oxşarını daha ətraflı şəkildə rəvayət etmişdir. (“əl-Musnəd”, 5/114-115. Hələb çapı) ət-Tirmizi və ən-Nəsai Əbu Hureyradan, o da Ubey ibn Kəabdan (Allah onlardan razı olsun) Peyğəmbərin belə dediyini rəvayət etmişlər: “Allah nə Tövratda, nə də İncildə “Ummul-Quran” kimi surə nazil etməmişdir. O, təkrarlanan yeddi ayədir (Səbul-Məsani). O mənimlə qulum arasında bölünmüşdür”. Bu ən-Nəsainin rəvayət etdiyi mətndir. ət-Tirmizi hədisə “Həsən-Ğarib” demişdir. (ən-Nəsəi, 914, 922. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5560).
İmam Əhməd Abdullah ibn Cabirdən (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər dəstəmaz alarkən onun yanına gəldim və: “Sənə salam olsun, ey Allahın Elçisi!”- dedim. Peyğəmbər mənə cavab vermədi. Mən bir daha: “Sənə salam olsun, ey Allahın Elçisi!”- dedim və o yenə mənə cavab vermədi. Mən bir daha: “Sənə salam olsun, ey Allahın Elçisi!”- dedim və o, yenə mənə cavab vermədi. Peyğəmbər gedib evinə daxil oldu. Mən də arxasınca gedərək məscidə daxil oldum. Məyus və qəmgin halda bir tərəfdə oturdum. Peyğəmbər dəstəmazlı halda evindən çıxıb mənim yanıma gəldi və dedi: “Sənə də Allahın salamı və rəhməti olsun, sənə də Allahın salamı və rəhməti olsun, sənə də Allahın salamı və rəhməti olsun!” Sonra dedi: “Ey Abdullah ibn Cabir, sənə Quranda ən xeyirli surənin hansı olduğunu deyimmi?” Mən: “Bəli, ey Allahın Elçisi”, – dedim. Peyğəmbər dedi: “Həmd olsun aləmlərin Rəbbi Allaha...” (“əl-Fatihə”, 1) ayəsindən surənin sonuna kimi oxu!” (“əl-Musnəd”, 17673, 4/177. Hələb çapı) Hədis yaxşı sənədə malikdir.
Abdullah ibn Cabir (Allah ondan razı olsun) səhabədir. İbnul-Covzi onun nəsəbinin əl-Abdi olduğunu qeyd edib. Ən doğrusunu Allah bilir! əl-Hafiz ibn Əsakirdən  rəvayət olunur ki, o, Abdullah ibn Cabir əl-Ənsari əl-Bəyadidir. (əl-Hafiz ibn Həcər “ət-Təcil” kitabında səh. 216-da onun əl-Bəyadi əl-Ənsari olduğunu bildirmişdir. Qeyd etmişdir ki, əl-Abdi isə başqa hədis rəvayət etmişdir və onun adının Abdur-Rahmən olduğu deyilir).
Bir çox alimlər bildirmişlər ki, bu və buna bənzər hədislər dəlalət edir ki, Quranın bəzi ayə və surələri digərlərindən üstün ola bilər. Bu alimlərdən İshaq ibn Rahaveyhi, Əbu Bəkr ibn əl-Arabini, Maliki alimlərindən isə İbn əl-Qassarı misal gətirmək olar. Digər alimlər isə ayə və surələr arasında üstünlük olmadığını bildirmişlər, çünki hamısı Allahın Kəlamıdır və Allahın Kəlamlarının hamısı üstün olduğu halda, ayə və surələr arasında üstünlüyün olmasını demək üstün tutulmayan ayələrin naqisliyi anlamına gələ bilər. əl-Qurtubi bu rəyi əl-Əşaridən, Əbu Bəkr əl-Bəqillənidən, İbn Hibbandan, Yəhyə ibn Yəhyədən və İmam Malikdən gələn rəylərdən biri olduğunu nəql etmişdir.
əl-Buxari Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) səfərə yola düşmüşdük və bir yerdə dayanmalı olduq. (Qonşu qəbilədən) bir cariyə gəlib dedi: “Qəbilə başçımızı (əqrəb) sancmışdır və adamlarımız burada deyillər. İçinizdən ruqyə (Ruqyə – hərfi tərcümədə “ovsun” deməkdir. Lakin burada ovsun deyildikdə sehr, cadu-piti deyil, əksinə, “əl-Fatihə” surəsi və s. bu kimi mübarək sözlərlə – Allahın Kəlamı və ya Peyğəmbərin duaları vasitəsilə xəstəni müalicə etmək nəzərdə tutulur) oxuya bilən varmı?” İçimizdən əvvəllər heç vaxt ruqyə oxuduğunu bilmədiyimiz biri qalxıb onunla getdi. (Qəbilə başçısına) ruqyə oxudu və o sağaldı. Qəbilə başçısı (bunun müqabilində) ona otuz qoyun verdi. Qayıtdıqdan sonra ona dedik: “Sən ruqyə oxuya bilirsənmi və ya əvvəllər ruqyə oxumusanmı?” O: “Xeyr! Mən yalnız Kitabın Anasını (Ummul-Kitabı) oxumaqla ruqyə etdim”, – dedi. Biz: “Peyğəmbərin yanına gedib hadisəni ona danışmayınca və ya ondan soruşmayınca heç bir şey etməyin (qoyunlara toxunmayın)!”– deyə etiraz etdik. Mədinəyə gəlib hadisəni Peyğəmbərə danışdıqda o dedi: “Görəsən, o haradan bilirdi ki, bu (əl-Fatihə surəsi) ruqyədir? (Qoyunları) bölüşdürün və özünüzlə yanaşı, mənim üçün də bir pay ayırın”. Hədisi Muslim və Əbu Davud rəvayət etmişlər. (əl-Buxari, 2276, 5007, 5736; Muslim, 4080) Bu hədisin Muslimdəki bəzi rəvayətlərinə görə (əqrəb) sancan qəbilə başçısına ruqyə oxuyan Əbu Səidin (Allah ondan razı olsun) özü olmuşdur. Ərəblər (ilan və ya əqrəb) sancan adamı nikbinlik baxımından “səlim”, yəni “salamat” adlandırırdılar.
İmam Muslim “Səhih” və ən-Nəsəi “Sunən” kitabında rəvayət etdikləri hədisdə Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Cəbrail Peyğəmbərin yanında ikən birdən göydən səs eşitdi. Cəbrail başını qaldırıb göyə baxdı və dedi: “Bu, göydə olan bir qapıdır, o bu gün açıldı. (Bundan əvvəl) heç vaxt açılmayıb, yalnız bu gün açıldı”. Göydən bir mələk enib Peyğəmbərin yanına gəldi və dedi: “Səndən əvvəl heç bir peyğəmbərə verilməyən və yalnız sənə verilən iki nura görə sevin! (Bu iki nur:) – Fətihətul-Kitab (Kitabı açan surə) və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuduğun hər bir hərf yalnız sənə verilmişdir”. (ən-Nəsəi, 451, 912. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1456) Hədisin bu mətni ən-Nəsəiyə aiddir. (ən-Nəsəi (1/45), yalnız hədisin sonunda أُوتِيتَهُ “sənə verilib” feili əvəzinə sinonimi olan أُعْطِيتَهُ feili gəlib. Muslimin rəvayəti isə “Səhih Muslim” (1/222), hədisi bu təfsilatı ilə İmam Əhmədin “Musnəd” kitabında tapmadım. (Əhməd Şakir).)
İmam Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər demişdir: “Namaz qılarkən “əl-Fatihə” surəsini oxumayanın namazı naqisdir”, – bunu üç dəfə təkrar etdi, – yəni tam deyil”. Əbu Hureyradan soruşdular: “Biz (səsli namazlarda) imamın arxasında olarkən nə edək?” O dedi: “Öz-özünə oxu! Həqiqətən, mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında iki qismə böldüm. Yarısı Mənim, yarısı isə onundur. Qulum dilədiyini alacaqdır”. Qul: “Əlhəmdulilləhi Rabbil-Aləmin!” (Həmd olsun aləmlərin Rəbbi Allaha!), – dedikdə Allah: “Qulum Məni həmd-səna ilə təqdis etdi”, – deyir. O: “ər-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmliyə), – dedikdə Allah: “Qulum Məni təriflədi”, – deyir. O: “Məliki yəuvmiddin” – (Haqq-hesab gününün Hökmdarına!), – dedikdə Allah: “Qulum Məni mədh etdi” və ya “Mənə arxayın oldu”, – deyir. O: “İyyəkə nəabudu və iyyəkə nəstəin” (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik), – dedikdə Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır. O dilədiyini alacaq”. O: “İhdinəs-sıratal-mustəqim, sıratalləzinə ən amtə aleyhim, ğeyril-məğdubi aleyhim valəddallin!” (Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox), – dedikdə Allah buyurur: “Bu, quluma məxsusdur və o dilədiyini alacaq!” (Səhih Muslim (1/116), ən-Nəsəi (1/144-145), həmçinin hədisi İmam Malik “əl-Muvatta” əsərində, səh. 84-85, İmam Əhməd “əl-Musnəd” əsərində (7289 və 8400-cü hədislər) və ət-Tabəri (221–223) müxtəsər formada rəvayət etmişlər.)

Hədisdə “əl-Fatihə” surəsinin hökmü ilə əlaqəli bir neçə məsələ var:

Birinci məsələ: Hədisdə “namaz” sözü keçir. “Namaz” dedikdə namazda qiraət (Quran oxumaq) nəzərdə tutulur. Necə ki Uca Allah buyurur: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut” (əl-İsra, 110). Yəni “namazın qiraətini”. Necə ki Səhih əsərində Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) bu məna açıq-aydın şəkildə rəvayət edilmişdir. Bu hədisdə də belə deyilir: “Mən namazı Özümlə qulum arasında iki qismə böldüm. Yarısı Mənim, yarısı isə onundur. Qulum dilədiyini alacaqdır”. Sonra “əl-Fatihə” surəsinin oxunuşunda bu bölgünün üstünlüyü bildirildi. Bu da qiraətin namazda nə qədər böyük yer tutmasına və namazın ən böyük rüknü olmasına dəlalət edir. Belə ki ibadətin (namazın) bir hissəsi olan qiraət ibadətin adı ilə (namaz) adlandırılmışdır. Necə ki bu ayədə qiraət deyildikdə namaz nəzərdə tutulur: “... və sübh çağı Quran oxu (Fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur” (əl-İsra, 87). Ayədə sübh namazı nəzərdə tutulur. əl-Buxari və Muslimin rəvayət etdikləri hədisdə açıq-aydın bildirilir ki, “gecə mələkləri ilə gündüz mələkləri sübh namazında bir yerə toplaşırlar”. Bütün bunların hamısı namazda qiraətin (Quran oxumağın) vacibliyinə dəlalət edir və bu, alimlər arasında yekdilliklə qəbul olunmuşdur.
İkinci məsələ: Alimlər bir məsələdə fikir ayrılığına düşmüşlər ki, bu da namazın qiraətində xüsusən “əl-Fatihə” surəsini oxumaq vacibdir, yoxsa əvəzinə digər surəni oxumaq olar? Bu məsələdə alimlərdən iki məşhur rəy var: 
Birinci rəy: Əbu Hənifə və onunla həmrəy olan alimlərin mövqeyidir ki, namazda xüsusi olaraq “əl-Fatihə” surəsini oxumaq vacib deyil, əksinə, Qurandan istənilən surəni oxumaq namazın düzgünlüyü üçün yetərlidir. Buna dəlil isə Uca Allahın ayəsinin ümumi mənasıdır. “Qurandan sizə asan gələni oxuyun!” (əl-Muzzəmmil, 20). Həmçinin əl-Buxari və Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri namazda səhv edənin hadisəsində Peyğəmbər həmin adama belə deyir: “Namaza duranda “Allahu Əkbər” de, sonra Qurandan sənə asan gələni oxu”. Peyğəmbər ona Qurandan asan gələni oxumağı əmr etdi, namazda oxumağa “əl-Fatihə”ni və ya digər bir surəni xüsusiləşdirmədi və bu da dediyimiz rəyə dəlalət edir. 
İkinci rəy: Namazda “əl-Fatihə” surəsini oxumaq vacibdir və onsuz namaz düzgün sayılmır. Bu rəy qalan məzhəb imamlarının: Malik, əş-Şafii, Əhməd ibn Hənbəl və onların ardıcıllarının, habelə cumhur (əksər) alimlərin rəyidir. Bu rəydə olanların dəlili əvvəl qeyd etdiyimiz hədisdir. Belə ki Peyğəmbər bu hədisdə deyir: “Namaz qılarkən “əl-Fatihə” surəsini oxumayanın namazı naqisdir”. (Muslim, 598, 904) Hədisdə “naqis” sözü “tam deyil” kimi açıqlanır. Həmçinin bu rəydə olanlar ”İki Səhih” kitabda (əl-Buxari və Muslimdə) olan Ubadə ibn Samitin (Allah ondan razı olsun) Peyğəmbərdən rəvayət etdiyi “əl-Fatihə”ni oxumayanın namazı qəbul deyil!” (əl-Buxari, 714, 756) hədisini və Səhih İbn Xuzeymə və Səhih İbn Hibbanda olan Əbu Hureyranın (Allah ondan razı olsun) Peyğəmbərdən rəvayət etdiyi Ummul-Quranı (Quranın anası) oxumayanın namazı qəbul deyil!” hədisini dəlil gətirirlər. Bu mövzuda hədislər çoxdur. 
Daha sonra, İmam əş-Şafii və bir çox alimlərə görə, “əl-Fatihə” surəsi namazın hər rükətində oxunmalıdır. Digər bir qrup alimlərə görə isə namazın rükətlərinin əksəriyyətində oxunmalıdır. əl-Həsən və Bəsrə alimlərinin çoxuna görə isə “əl-Fatihə”ni oxumayanın namazı qəbul deyil!” hədisinin zahirinə əsasən namazın yalnız bir rükətində oxumaq kifayətdir.
Əbu Hənifə və onun ardıcılları, əs-Sovri və əl-Əvzai demişlər: “Uca Allahın: “Qurandan sizə asan gələni oxuyun!” (əl-Muzzəmmil, 20) ayəsinə əsasən namazda “əl-Fatihə” surəsinin oxunması vacib deyil, onun əvəzinə başqa bir surə oxunsa, namaz düzgündür. Ən doğrusunu Allah bilir! İbn Məcə Əbu Səiddən (Allah ondan razı olsun) onun da Peyğəmbərdən rəvayət etdiyi hədisdə deyilir: “Hər rükətdə əl-Həmd və hər hansı bir surə oxumayanın namazı qəbul deyildir. İstər fərz olsun, istərsə də nafilə!” (İbn Məcə, 839. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6239) Lakin bu hədisin səhihliyi şübhəlidir. 
Üçüncü məsələ: İmamın arxasında duranların “əl-Fatihə” surəsini oxuması vacibdirmi? Bu məsələdə alimlərdən üç rəy var: 
Birinci rəy: Ötən hədislərin ümumi mənasına əsasən imamın namazda “əl-Fatihə” surəsini oxuması vacib olduğu kimi, imamın arxasında duranların da bu surəni oxuması vacibdir. 
İkinci rəy: İmamın arxasında duranların nə “əl-Fatihə” surəsini, nə də başqa bir surəni bütünlüklə oxuması vacib deyil. Fərq etməz, istər səsli namazlarda olsun, istərsə də səssiz namazlarda. İmam Əhmədin Cabir ibn Abdullahdan (Allah ondan razı olsun), onun da Peyğəmbərdən rəvayət etdiyi hədisi dəlil kimi göstərə bilərik: “İmama tabe olan kəs üçün imamın qiraəti onun da qiraəti sayılır”. (Əhməd, 14684; Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 500) Lakin hədisin sənədində zəiflik var. Bu hədisi İmam Malik Vahb ibn Keysandan Cabirin (Allah ondan razı olsun) öz sözü kimi rəvayət etmişdir. Bu hədis bir neçə yolla Peyğəmbərdən rəvayət olunur,  lakin heç biri səhih deyil. Ən doğrusunu Allah bilir! 
Üçüncü rəy: Ötən hədislərə əsasən səssiz namazlarda imamın arxasında duranlara “əl-Fatihə” surəsini oxumaq vacibdir, səsli namazlarda isə vacib deyil. Buna dəlil – Muslimin Səhih əsərində Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər deyir: “İmam (arxasında) namaz qılanlar ona tabe olunması üçün təyin olunmuşdur. O, təkbir etdikdə siz də təkbir edin. O, Quran oxuduqda siz susun...” (Əhməd, 9428. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2358), sonra hədisin qalan hissəsini qeyd etdi. Həmçinin Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə də Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin : “O (imam), Quran oxuduqda siz susun...” (ən-Nəsəi, 921; İbn Məcə, 846. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 857) dediyini rəvayət etmişlər. Muslim ibn Həccəc bu hədisin də səhih olduğunu bildirmişdir. Hər iki hədis bu rəyin doğru olduğunu bildirir. Bu rəy İmam əş-Şafiinin köhnə rəyi və İmam Əhməddən rəvayət olunan rəylərdən biridir. əl-Hafiz Əbu Bəkr əl-Bəzzər Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər deyir: “Böyrünü yatağa qoyduğun zaman Kitabı açan surəni (Fatihətul-Kitab) və “De: “O Allah Təkdir!” surəsini oxusan, ölümdən başqa hər şeydən əmin ola bilərsən” . (Hədis “Məcməuz-Zəvaid” (10/121) kitabındadır. Müəllif demişdir: “Hədisi əl-Bəzzər rəvayət etmişdir. Hədisin sənədində Ğassən ibn Ubeyd var və o zəifdir. İbn Hibbən isə onu tərifləmişdir. Sənədin digər raviləri isə əs-Səhih kitabının raviləridir”. Mən deyirəm: “Ğassən ibn Ubeyd əl-Movsilinin “Lisən əl-Mizən” kitabında adı keçir və qeyd olunur ki, onu İmam Əhməd və əl-Buxari zəif görmüşlər. Yəhyə ibn Məin onun barəsində tərif və zəiflik bildirməklə iki müxtəlif rəy bildirmişdir. Lakin açıq-aydın bildirmişdir ki, o, “yalançılardan deyildi”. Həmçinin İbn Əbu Hətim “əl-Cərh və ət-Təadil” kitabında (3/2/51) onun tərcümeyi-halını qeyd etmiş və onun barəsində zəifliyinə dəlalət edən heç bir şey deməmişdir. Bu da onun tərifinə dəlalət edən nişanədir”. (Əhməd Şakir). Hədis zəifdir. Bax: Daiful-Cami, 722; Silsilə əd-Daifə, 5062).

1. "əl-Fatihə" surəsinin təfsiri
الْكَلاَمُ عَلَى تَفْسِيرِهَا
أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
Əuzu billəhi minəş-şeytanir-racim
Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram
İstiazə (“İstiazə” sözünün hərfi mənası “sığınacaq istəmək” deməkdir. Şəriətdə isə “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) deməklə şeytanın şərindən Allaha sığınmaq nəzərdə tutulur):
Uca Allah buyurur: 
“Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir” (“əl-Əraf”, 199-200).

“Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (əl-Muminun, 96–98).

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O Eşidəndir, Biləndir”. (Fussilət, 34-36).
Bu üç ayədir və Quranda mənaca bu üç ayəyə oxşar dördüncü bir ayə yoxdur. Uca Allah bu üç ayədə insanlardan olan düşmənin rəğbətini qazanıb, ona yaxşılıq etməyi əmr edir ki, insanın əsl xisləti olan bu gözəl təbiəti sayəsində pis əməldən daşınıb səmimilik və dostluğa meyil etmiş olsun. Şeytanlardan olan düşmənindən isə mütləq Ona (Allaha) sığınmağı əmr edir, çünki bu düşmən insanın rəğbətini və yaxşılığını qəbul etmir və əvvəllər onunla Adəm arasında baş vermiş düşmənçilik səbəbindən yalnız Adəm övladının həlak olmasını istəyir. Uca Allah buyurur: “Ey Adəm oğulları! Şeytan əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın” (“əl-Əraf”, 27), başqa bir ayədə: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (Fatir, 6), digər bir ayədə isə: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (əl-Kəhf, 50). Şeytan bir zamanlar atamız Adəmə “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”, – deyə yalandan and içmişdi. Şeytan (Allaha): “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Sad, 82-83), – dediyi halda və Uca Allahın da onun barəsində bizə: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur” (ən-Nəhl, 98-99) – dediyi halda ondan bizə qarşı hansı münasibəti gözləmək olar?
Əksər alimlərin məşhur rəylərinə görə, şeytanın vəsvəsəsini dəf etmək üçün istiazə (“Əuzu billəhi minəş-şeytanir-racim” – Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) Quran oxunuşundan əvvəl olmalıdır. Uca Allahın: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!” (ən-Nəhl, 98) ayəsinin mənası, yəni “Quran oxumaq istədikdə” deməkdir. Necə ki (dəstəmaz ayəsində) “Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun...” (əl-Maidə, 6) deyilir, yəni “namaza durmaq istədikdə”. Peyğəmbərdən bu mövzuda gələn hədislər də buna dəlalət edir. İmam Əhməd Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyir: “Peyğəmbər gecə yuxudan oyanıb namaz qılarkən təkbir edib (“Allahu Əkbər” deyib) açılış duasını deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa haqq məbud yoxdur (Ərəbcə transkripsiyası: Subhə:nəkə Alla:hummə va bihəmdik va təbə:rakəsmuk va təa:lə cədduk va lə ilə:hə ğayruk)”, sonra üç dəfə “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur), – deyər, daha sonra isə “Əuzu billəhi minəş-şeytanir-racim, min həmzihi və nəfxihi və nəfsihi” (Lənətlənmiş şeytandan, onun (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şeirlərindən Allaha sığınıram), – deyərdi”. (Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1217) Bu hədisi “Dörd Sunnə” (“Dörd Sunnə” dedikdə Sunən Əbu Davud, Sunən ət-Tirmizi, Sünən ən-Nəsəi və Sunən İbni Məcə nəzərdə tutulur) kitablarının müəllifləri rəvayət etmişlər. ət-Tirmizi bu hədis barədə: “O bu mövzuda gələn ən məşhur hədisdir”, – demiş və hədisdəki “həmz” sözünü “mutə” (Mutə xəstəliyi – insanda çırpınma və silkələnmə ilə müşahidə olunan epilepsiya və ya özündən getmənin bir növüdür. İnsan özünə gəldikdə isə normal hala qayıdır, yatmış və ya sərxoş kimi), yəni boğulma xəstəliyi kimi, “nəfx” sözünü təkəbbürlük kimi, “nəfs” sözünü isə batil şeir kimi izah etmişdir.
Həmçinin Əbu Davud və İbn Məcənin (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Cubeyr ibn Mutim (Allah ondan razı olsun) deyir: “Allah Elçisinin namaza daxil olarkən üç dəfə: “Allah Ən Böyükdür (Allahu Əkbər Kəbi:ran), üç dəfə: “Allaha çox həmd olsun (Əlhəmdulilləhi Kəsi:ran), üç dəfə: “Səhər-axşam Allahın şəninə tərif olsun (Subhən-Allahi bukratən və asi:lən)”, sonra isə: “Allahım, şeytandan, onun (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şeirlərindən Sənə sığınıram” (Alla:hummə inni əuzu bikə minəş-şeytan, min həmzihi və nəfxihi və nəfsihi), – deyərdi. Amr ibn Murra deyir: “Həmzihi” – “mutə” (epilepsiya) xəstəliyi, “nəfxihi” – şeytanın insanın köksünə üfürdüyü təkəbbürlük, “nəfsihi” isə batil şeir deməkdir”. (Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Məcə, 804. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1217)
İbn Məcənin Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Elçisi : “Allahım, lənətlənmiş şeytandan, onun (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şeirlərindən Sənə sığınıram!” (Allahummə inni əuzu bikə minəş-şeytanir-racim va həmzihi və nəfxihi və nəfsihi), – deyərdi. Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: “Həmzihi” – “mutə” (epilepsiya) xəstəliyi, “nəfsihi” – batil şeir, “nəfxihi” isə şeytanın insanın köksünə üfürdüyü təkəbbürlük deməkdir”. (İbn Məcə, 808. əl-Busiri “əz-Zəvaid” kitabında deyir: “Bu hədislərdən birincisini Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi Əbu Səid əl-Xudridən, digərini isə İbn Hibban Cubeyr ibn Mutimdən (Allah onlardan razı olsun) rəvayət etmişdir”. Yəni bu hədisdən əvvəlki iki hədisi nəzərdə tutur. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra”, 2186, 2452; əl-Hakim, 749; İbn Məcə, 658. Hədis səhihdir. Bax: “İrvaul-Ğalil”, 2/55)
Əbu Yəalə əl-Movsuli Ubeyy ibn Kəabdan (Allah ondan razı olsun) rəvayət edir ki, iki kişi Allah Elçisinin yanında bir-birlərini söydülər, hətta iş o yerə gəlib çatdı ki, qəzəbdən birinin burnundan qan açıldı. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun - onların bu halını görüncə) dedi: “Mən elə bir şey bilirəm ki, kim onu desə, qəzəbi soyuyacaq. Bu, “Lənətlənmiş şeytandan Allaha sığınıram” (Əuzu billəhi minəş-şeytanir-racim) zikridir”. (əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 1236. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2491) ən-Nəsəi “Əməlul-Yəumi vəl-Leylə” kitabında da belə rəvayət etmişdir. 
Həmçinin İmam Əhməd, Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi “Əməlul-Yəumi vəl-Leylə” kitabında Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyilir: “İki kişi Allah Elçisinin yanında bir-birlərini söydülər. Onlardan biri çox qəzəbləndi, hətta mənə elə gəldi ki, onlardan birinin burnundan qəzəbdən qan açılıb. Allah Elçisi dedi: “Mən elə bir zikr bilirəm ki, kim onu desə, qəzəbi soyuyacaq”. (Səhabələrdən biri) dedi: “O hansı zikrdir, ey Allahın Elçisi?” Peyğəmbər : “Qoy (həmin adam) Allahummə inni əuzu bikə minəş-şeytanir-racim” (Allahım, lənətlənmiş şeytandan Sənə sığınıram!), – desin”. Muaz qəzəblənən kişiyə bu zikri deməyi əmr etməyə başladı. Kişi isə imtina etdi və qəzəbi daha da şiddətləndi”. (Əbu Davud, 4780. Hədis zəifdir. Bax: Daif ət-Tərğib vət-Tərhib, 1646) Hədisin mətni Əbu Davuda aiddir. ət-Tirmizi isə hədisin “mursəl” (Mursəl – o hədisdir ki, isnadının sonunda tabiindən sonra gələn (Peyğəmbərlə - ona Allahın salavatı və salamı olsun - tabiin arasında olan) ravi buraxılmışdır.) olduğunu bildirmişdir. Yəni Abdur-Rahmən ibn Leylə Muaz ibn Cəbəli görməmişdir, çünki o (Muaz ibn Cəbəl) hicri təqvimi ilə 20 ildən əvvəl vəfat etmişdir. 
Mən deyirəm: “Ola bilsin ki, Abdur-Rahmən ibn Leylə bu hədisi əvvəlki rəvayət kimi Ubey ibn Kəabdan eşitmiş, o da onu Muaz ibn Cəbəldən rəvayət etmişdir, çünki bir çox səhabə bu hadisənin şahidi olmuşdur”.
İmam əl-Buxari Suleyman ibn Suraddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə demişdir: “(Bir dəfə) mən Peyğəmbərin yanında ikən iki nəfər bir-birilə söyüşməyə başladı. (Qəzəbdən) onlardan birinin üzü qızardı. Peyğəmbər (ona baxıb) dedi: “Mən elə bir kəlmə bilirəm ki, əgər o həmin kəlməni desə, qəzəb hissi on-dan gedər! Əgər o: “Əuzu billəhi minəş-şeytanir-racim!” (Lənətlənmiş şeytandan Allaha sığınıram) desə, qəzəbi soyuyar”. Əshabələr həmin adama dedilər: “Peyğəmbərin (sənə) nə dediyini eşitmirsən?” Adam dedi: “Mən dəli deyiləm?!” (əl-Buxari, 3282, 3040)  Həmçinin bu hədisi Muslim, Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər.

فَصْلٌ: مَعْنَى "أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ"
Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası

“Əuzu billəhi minəş-şeytanir-racim” cümləsinin mənası “lənətlənmiş şeytanın dinimə və dünyama zərər verməsindən, əmr olunanları yerinə yetirməyə mane olmasından və qadağan olunan əməllərə sövq etməsindən Allahın məni himayə etməsini istəyirəm” deməkdir. Həqiqətən, insanı şeytandan yalnız Allah qoruya bilər. Bu səbəbdən (əvvəlki üç ayədə) Uca Allah insanlardan olan şeytanların rəğbətini qazanıb, onlara yaxşılıq etməklə könüllərini ələ almağı əmr edir ki, bu əməl onların əsl təbiətinin (kökslərində olan) pisliyi dəf etməsinə səbəb olsun. Cinlərdən olan şeytanlardan isə Allaha sığınmağı əmr edir, çünki onu ələ almaq və yaxşılıq etməklə ona təsir etmək olmur. Onun təbiətinin əsli şərdir və səni ondan yalnız onu yaradan Allah qoruya bilər. Bu da Quranda üç ayənin mənasıdır və bu üç ayəyə oxşar dördüncü bir ayə olduğunu bilmirəm. (İbn Kəsir burada əvvəl qeyd etdiyimiz üç ayəni təkrar qeyd etmişdir. Bu üç ayə əvvəlki səhifədə qeyd olunmuşdur.)
“Şeytan” sözü ərəb dilində شَطَنَ [şətana] – yəni “uzaq olmaq” feilindən düzəlmişdir. Təbiətinin insan təbiətindən və hər bir xeyirdən uzaq olmasına görə belə adlanmışdır. Başqa bir rəyə görə  شَاطَ [şə:ta] “yanmaq” feilindən düzəlib, oddan yarandığına görə belə adlandırılmışdır. Bəzi alimlər məna baxımından hər iki rəyin doğru olduğunu söyləyirlər. Lakin birinci rəy (yəni شَطَنَ “şətana” “uzaq olmaq” feilindən düzəlməsi.)  daha doğrudur. Ərəblərin danışığı da buna dəlalət edir. Sibaveyh (Sibaveyh – Əbu Bişr (Əbul-Həsən) Amr ibn Osman ibn Qanbər, Bəsrə dilçilərinin ərəb dili qrammatikasında şəksiz İmamıdır. Əslən farsdır, Bəsrədə boya-başa çatmışdır. Yaraşıqlı, mülayim bir gənc idi. Dilində nasazlıq var idi. Ərəb dilinin qrammatikasını ən böyük ərəb dili alimlərindən əl-Xalil ibn Əhməd əl-Fərahidi, İsa ibn Ömər və Yunusdan öyrənmişdir. Ərəb dilinin qrammatikasına aid yazdığı “əl-Kitəb” kitabı bu sahədə ən gözəl kitab sayılır. Hicri təqvimi ilə 180-ci ildə Şirazda vəfat etmişdir.)  deyir: “Ərəblər danışıqda bir kəs şeytana xas olan əməl etdikdə تَشَيْطَنَ فُلاَنٌ [təşəytana fulə:n] “filankəs şeytanlıq etdi” deyirlər. Əgər bu söz شَاطَ [şə:ta] “yanmaq” feilindən düzəlmiş olsaydı, bu zaman (nun hərfini pozaraq) تَشَيَّطَ [təşəyyata] deyərdilər. 
Beləliklə, doğru rəy budur ki, “şeytan” sözü “uzaq olmaq” feilindən düzəlmişdir. Bu səbəbdən (ərəblər) üsyankar cin, insan və heyvanları “şeytan” adlandırırlar. Uca Allah buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlardan düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər” (əl-Ənam, 112). 
İmam Əhmədin “Musnəd” əsərində Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: “Peyğəmbər dedi: “Ey Əbu Zərr, insan və cinlərdən olan şeytanlardan Allaha sığın!” Mən dedim: “(Ey Allahın Elçisi) İnsanlardan da şeytanlar olurmu?” Peyğəmbər dedi: “Bəli”. (ən-Nəsəi, 2/319. Bu formada müxtəsər rəvayət etmişdir. Hədis İmam Əhmədin “Musnəd”ində iki uzun rəvayətin tərkibində gəlib (5/178, 179, Hələb çapı). İmam Əhməd hədisin bu hissəsini (5/265) həmçinin Əbu Uməmədən (Allah ondan razı olsun) gələn uzun hədisin tərkibində də rəvayət etmişdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 5507; Əhməd, 22342, 22644. Şueyb əl-Arnavut isnadının çox zəif olduğunu bildirmişdir.)  Muslimin Səhih əsərində yenə Əbu Zərdən rəvayət olunan hədisdə Peyğəmbər demişdir: “(Namaz qılanın qarşısından) qadın, eşşək və qara itin keçməsi namazı batil edər”. Mən dedim: “Qara itin qırmızı və ya sarı itdən fərqi nədir?” Peyğəmbər dedi: “Qara it şeytandır”. (Muslim, 1165; Əbu Davud, 702; ən-Nəsəi “Sunən” 750.)  ət-Tabəri rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) yük atına mindi. At sağa-sola meyil edib əyilərək getdi. Ömər atı vurmağa başladı. Vurduqca at sağa-sola daha çox meyil etdi. Ömər atdan endi və dedi: “Siz məni şeytana mindirdiniz. Atdan düşdükdən sonra özüm özümü tanımadım”. Rəvayətin sənədi səhihdir. (ət-Tabəri, 137).  
“Racim” “lənətlənmiş” sözü “fail” formasında olub “məful” (keçmiş zaman feli sifət) mənasını verir. Yəni o xeyirdən tamamilə uzaqlaşdırılmış, qovulmuşdur. Belə ki Uca Allah buyurur: Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq” (əl-Mulk, 5). Həmçinin buyurur: “Biz dünya səmasını parlaq ulduzlarla bəzədik  və onu hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb-yaxan alovlar yağdırılar və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər” (əs-Saffət, 6–10). Başqa bir ayədə: “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb-yaxan alov təqib edər” (əl-Hicr, 16–18) və s. bu mənada ayələr var.

əl-Fatihə, 1
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
1. “Bismilləhir-Rahmənir-Rahim”
“Mərhəmətli və Rəhmli Allahın adı ilə!”

Səhabələr Allahın Kitabını (Quranı) “Bəsmələ” (Bəsmələ – “Bismilləhir-Rahmənir-Rahim”) ilə başlamışlar. Alimlər yekdilliklə qəbul etmişlər ki, “Bəsmələ” ən-Nəml surəsinin bir ayəsidir. (Ayədə deyilir: “Qadın dedi: “Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı. O məktub Süleymandandır və onda deyilir: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” (ən-Nəml, 29-30) Daha sonra fikir ayrılığına düşmüşlər ki, “Bəsmələ” hər surənin əvvəlində müstəqil ayədir, yoxsa surənin bir hissəsi olub əvvəldə yazılmışdır? Yaxud da ilk ayənin bir hissəsidirmi? Yoxsa bu deyilənlər “əl-Fatihə” surəsinə aid olub, digər surələrə aid deyildir? Yoxsa “Bəsmələ” ayə deyil, sadəcə surələri bir-birindən ayırmaq üçün yazılmışdır? Bu barədə əvvəlki və indiki alimlərin bir çox rəyləri vardır. Bu mövzudan başqa yerdə geniş danışılacaqdır. Əbu Davudun “əs-Sunən” əsərində səhih sənədlə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) nazil olmayana qədər Peyğəmbər surələri bir-birindən ayıra bilmirdi”. (Əbu Davud, 788. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4182) Hədisi həmçinin əl-Həkim “əl-Mustədrək” kitabında rəvayət etmişdir. İbn Xuzeymənin “əs-Səhih” kitabında Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir:  “Bir dəfə Peyğəmbər namazda ikən “Bəsmələ”ni “əl-Fatihə” surəsinin əvvəlində oxudu və onu bir ayə saydı”. Lakin bu hədis Ömər ibn Harun əl-Bəlxinin rəvayətidir və onun İbn Cureycdən, onun da İbn Əbu Muleykədən, onun da Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayəti zəif sayılır. əd-Dəraqutni Ömər ibn Harun əl-Bəlxinin rəvayətini Əbu Hureyranın (Allah ondan razı olsun) Peyğəmbərdən rəvayətini gücləndirmək üçün gətirib. O bu hədisin eynisini Əlidən, İbn Abbasdan (Allah ondan razı olsun) və başqalarından da rəvayət edib.
“Bəsmələ”nin “Bəraət” (Tövbə) surəsi istisna olmaqla (Çünki “Tövbə” surəsinin əvvəlində “Bismilləhir-Rahmənir-Rahim” yoxdur) digər surələrin hər birinin ayəsi olması səhabələrdən: (İbn Abbas, İbn Ömər, İbn əz-Zubeyr, Əbu Hureyra, Əli, tabiinlərdən isə: Əta, Tavus, Səid ibn Cubeyr, Məkhul, əz-Zuhridən rəvayət olunur.) Həmçinin Abdullah ibn Mubərak, əş-Şafii, Əhməd ibn Hənbəldən gələn bir rəvayətdə, İshaq ibn Rahaveyh, Əbu Ubeyd əl-Qasim ibn Səlləm də bu rəyi demişlər. (Doğru olan rəy də budur. Quran və Sünnədən səhih dəlillər bu rəyin doğru olmasını gücləndirir. Bu dəlillərdən ən güclüsü odur ki, Osman ibn Affanın (Allah ondan razı olsun) yazdığı və bütün səhabələrin iqrar etdikləri Quran kitablarının hamısında “Bəraət” (Tövbə) surəsi istisna olmaqla bütün surələrin əvvəlində “Bəsmələ” yazılmışdır. Səhabələr Quranı kitab halında səhifələrə yığarkən Qurandan olmayan hər şeyi oradan çıxarmışlar. Surələrin adlarını, ayələrin nömrələrini, “آمين” “Əmin” (Allahım, qəbul et!) sözünü belə yazmamışlar. Kiminsə Qurandan olmayan bir sözü kitaba yazmasını qadağan etmişlər. Bu onların Allahın Kitabını qorumaq istəklərindən və özlərindən sonra gələnlərin şübhəyə düşüb Qurandan olmayan bir sözü Quran zənn etməsinin qarşısını almaqdan irəli gəlirdi. Bundan sonra necə ağıla gələ bilər ki, səhabələr Peyğəmbərə nazil olmuş Qurana yüz on üç ədəd “bəsmələ” əlavə etmiş olsunlar? Bütün bu qeyd etdiklərimiz əsaslı, çoxsaylı əməli və yazılı sübutlarla “Bəsmələ”nin Quranın lazımi yerlərdə yazılmış bir ayəsi olmasına dəlalət etmirmi? Bu barədə ət-Tirmizinin şərhində daha geniş şəkildə danışmışıq (2/16–25).)
Malik, Əbu Hənifə və onların davamçıları demişlər: “Bəsmələ” nə “əl-Fatihə” surəsi, nə də başqa surələrin ayəsi deyildir”. Davud demişdir: “O hər surənin əvvəlində müstəqil ayədir, lakin surədən deyildir”. Bu rəy həmçinin İmam Əhməddən rəvayət olunan bir rəydir. Əbu Bəkr ər-Razi bu rəyi Əbul-Həsən əl-Kərxidən rəvayət etmişdir. Onların hər ikisi Əbu Hənifənin böyük davamçılarıdır. 
Bu, “Bəsmələ”nin “əl-Fatihə” surəsindən olub-olmaması ilə əlaqəli idi. “Bəsmələ”nin (namazda) səslə deyilib-deyilməməsi məsələsinə gəlincə isə, bu da əvvəlki məsələdən şaxələnir. “Bəsmələ”ni “əl-Fatihə” surəsindən saymayanlar hesab edirlər ki, o səslə deyilməməlidir. Həmçinin “Bəsmələ”ni hər surənin əvvəlində müstəqil ayə hesab edənlər də bu rəydədirlər. Lakin “Bəsmələ” surələrin əvvəlidir deyən alimlər özləri fikir ayrılığına düşmüşlər. İmam əş-Şafiinin rəyinə görə, “Bəsmələ” “əl-Fatihə” və digər surələrlə birlikdə səsli oxunmalıdır. Bu rəy həmçinin səhabə, tabiin, bir çox keçmiş və indiki alimlərin rəyidir. Səhabələrdən Əbu Hureyra, İbn Ömər, İbn Abbas və Muaviyə (Allah ondan razı olsun) “Bəsmələ”ni səslə oxumuşlar. Həmçinin əl-Xatib əl-Bağdadi bu rəyi Səid ibn Cubeyr, İkrimə, Əbu Qiləbə, əz-Zuhri, Səid ibn əl-Museyyib, Əta, Tavus, Mucahid, Ömər ibn Abdul-Əziz və başqalarından nəql etmişdir.
Əbu Davud və ət-Tirmizi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər namazı “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) başlayardı. Hədisin ardından ət-Tirmizi deyir: “Hədisin sənədi o qədər də güclü deyil”. Həmçinin əl-Həkim “əl-Mustədrək” kitabında İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümləsini səslə deyərdi. Hədisin ardınca “Səhihdir” demişdir. 
Səhih əl-Buxaridə rəvayət edilən hədisdə Ənəs ibn Məlikdən Peyğəmbərin Quran oxuması barədə soruşulduqda Ənəs: “Uzadaraq!”– deyə cavab verdi, sonra da: “Bismillahir-Rahmənir-Rahim” ayəsini – “Bismilləh”, “ər-Rahmən” və “ər-Rahim” kəlmələrinin (hər birini) uzadaraq oxudu”.
İmam Əhmədin “Musnəd”, Əbu Davudun “əs-Sünən”, İbn Xuzeymənin “əs-Səhih”, əl-Hakimin “əl-Mustədrək” kitablarında Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə “Peyğəmbər (“əl-Fatihə” surəsini oxuyarkən) fasilə verərək oxuyardı: “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə!). Əlhəmdu lilləhi Rabbil aləmin. Ər-Rahmənir-Rahim. Məliki yəumiddin. ...”. əd-Dəraqutni demişdir: “Hədisin sənədi səhihdir”. İmam əş-Şafii və əl-Hakimin “əl-Mustədrək” kitabında Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilir ki, bir dəfə Muaviyə (Allah ondan razı olsun) Mədinədə namaz qılarkən “Bəsmələ”ni səssiz oxudu. (Namazdan sonra) iştirak edənlər bunu ona irad tutdular. Növbəti dəfə namaz qılanda “Bəsmələ”ni səslə oxudu”.
Qeyd etdiyimiz hədislər və rəvayətlər bu rəyin digər rəylərdən daha üstün olmasına kifayətdir, lakin rəyə etirazlara və bu mövzuda qəribə rəvayətlərə, bu rəvayətlərin araşdırılması və rəvayətlərin zəif olduğunu bildirən səbəblərin bəyan edilməsinə gəlincə, bu məsələlər öz yerində gələcək. 
Digər alimlər imamın namazda “Bəsmələ”ni səssiz oxuması rəyindədirlər. Bu rəy dörd xəlifədən, (Əbu Bəkr, Ömər, Osman və Əli - Allah onlardan razı olsun.) Abdullah ibn Muğəffəldən və sair sələf tabiinlərdən və onlardan sonra gələnlərdən varid olmuşdur. Həmçinin bu rəy Əbu Hənifənin, əs-Səurinin və Əhməd ibn Hənbəlin məzhəbidir. 
İmam Malikə görə isə imam, ümumiyyətlə, “Bəsmələ” oxumur. İstər səssiz, istərsə də səsli olsun. Bu rəyi deyənlər dəlil olaraq Səhih Muslimdə Aişədən (Allah ondan razı olsun) gələn hədisə əsaslanırlar. Hədisdə Aişə (Allah ondan razı olsun) deyir: “Allah Elçisi namazını təkbir (Allahu Əkbər) gətirib aləmlərin Rəbbi Allaha həmd etməklə başlayardı”. Bu rəydə olanların həmçinin istinad etdikləri hədislərdən biri də əl-Buxari və Muslimin Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etdikləri: “Mən Peyğəmbərin , Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlardan razı olsun) arxasında namaz qılmışam. Onların hamısı namazlarını aləmlərin Rəbbi Allaha həmd etməklə başlayardı” hədisidir. Muslimin rəvayətində isə: “Qiraətin nə əvvəlində, nə də sonunda “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə!) deməzdilər”. Bu mənada hədislər həmçinin “əs-Sünən” kitablarında Abdullah ibn Muğaffəldən (Allah ondan razı olsun) varid olmuşdur.
Əhli-Sünnə imamlarının bu məsələdə istinad etdikləri mənbələr bunlardır. Onların rəylərinin hamısı bir-birinə yaxındır, çünki onların hamısı “Bəsmələ”ni istər səsli, istərsə də səssiz oxuyanın namazının səhih (düzgün) olduğunu yekdilliklə bildirmişlər.

Fəsil: “Bəsmələ”nin fəziləti

İmam Əhməd “Musnəd” kitabında Asimin belə dediyini rəvayət etmişdir: “Əbu Təmimənin Peyğəmbərlə eyni miniyin tərkində olan bir səhabədən belə rəvayət etdiyini eşitdim: “Peyğəmbərin miniyi büdrədi və mən dedim: “Bədbəxt olsun şeytan!” Peyğəmbər dedi: “Bədbəxt olsun şeytan!” – demə. Sən: “Bədbəxt olsun şeytan!” – dedikdə, şeytan get-gedə böyüyər və deyər: “Gücümlə onu yıxdım”. Əgər “Bismillah” desən, şeytan milçək boyda olana qədər get-gedə kiçilər”. İmam Əhmədin rəvayətində belə varid olub.  ən-Nəsəi “əl-Yəum vəl-Leylə” kitabında və İbn Mərdəveyh Usamə ibn Umeyrdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə o demişdir: “Peyğəmbərlə eyni miniyin tərkində idim...” sonra bu hədisi rəvayət etdi. Sonra Peyğəmbər dedi: “Elə demə! Belə dedikdə o, ev boyda olana qədər böyüyər, lakin “Bismilləh” de. Belə desən, o, milçək boyda olana qədər kiçilər”. (Əbu Davud (4982) Əbu Muleyhdən, o da bir kişidən rəvayət edərək deyir: “Peyğəmbərlə eyni miniyin tərkində idim...”. (Əhməd Şakir). Əbu Davud, 4982, 4984. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7401).
Bu, “Bismilləh” sözünün bərəkətinin təsirindəndir. Bu səbəbdən hər bir əməlin və sözün əvvəlində “bismilləh” demək müstəhəbdir. Həmçinin Peyğəmbərin “Bismilləhir-Rahmənir-Rahim” ilə başlamayan hər bir iş naqisdir” hədisinə görə hər xütbənin əvvəlində demək müstəhəbdir. Həmçinin ayaqyoluna daxil olarkən də “bismilləh” demək müstəhəbdir. Bu barədə hədislər sabit olmuşdur. Dəstəmazın əvəlində də “bismilləh” demək müstəhəbdir. Bu barədə İmam Əhmədin “Musnəd” əsərində və Sünnə kitablarında Əbu Hureyra, Səid ibn Zeyd və Əbu Səiddən (Allah onlardan razı olsun) Peyğəmbərə isnad edilərək rəvayət olunur: “Dəstəmaza başlayarkən Allahın adını çəkməyənin dəstəmazı yoxdur”. (Əhməd, 11388-11391. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7573; İrvaul-Ğalil, 81) Bu hədis dərəcə etibarilə “həsən”dir. (Həsən hədis – dərəcə etibarilə səhih hədisdən aşağı olan, lakin qəbul olunan hədislərə deyilir) Bəzi alimlər yada düşdüyü halda bunu vacib saymış, bəziləri isə istənilən halda vacib saymışlar. Həmçinin İmam əş-Şafiinin məzhəbinə və bir çox alimlərin rəyinə görə, heyvan kəsərkən deyilməsi müstəhəbdir. Digər alimlər yada düşüldüyü halda vacib görmüşlər. Bəziləri isə hər bir halda vacib saymışlar. Allahın izni ilə bu mövzu lazım olan yerdə ətraflı qeyd olunacaq.
Həmçinin yemək yeyərkən də “Bəsmələ” demək müstəhəbdir. Səhih Muslimdə gələn hədisdə Peyğəmbər oğulluğu Ömər ibn Əbu Sələməyə demişdir: “Bismilləh” de, sağ əllə və qarşından ye!” (Muslim, 3767, 5388) Bəzi alimlər bu halda “Bəsmələ”ni vacib hesab etmişlər. Həmçinin cinsi əlaqə zamanı da “Bəsmələ” demək müstəhəbdir. Bu barədə əl-Buxari və Muslimdə Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər demişdir: “Bilin ki, əgər biriniz ailəsi ilə yaxınlıq etməzdən əvvəl: “Allahın adı ilə! Allahım, məni şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin övladdan uzaqlaşdır!” (Transkripsiyası: Bismilləh, Alla:hummə cənnibniş-şeyta:nə və cənnibiş – şeyta:nə mə rəzəqtənə) – desə və əgər onların qismətində varsa, yaxud Allah onların qədərinə övlad yazmışdırsa, şeytan o uşağa heç vaxt zərər toxundura bilməz”. (əl-Buxari, 6388, 7396; Muslim, 2591, 3606)
Buradan aydın olur ki, ərəb dilçiləri arasında بِسْمِ اللَّهِ “Bismilləh” kəlməsindəki بـ “bə” (ilə) önqoşmasının aid olduğu sözün feil və ya isim olması bir-birinə yaxın rəydir. Hər iki rəyin ifadə etdiyi məna Quranda öz əksini tapmışdır. Bu önqoşmanın aid olduğu sözün isim olduğunu deyənlərin rəyinə görə, məna بِسْمِ اللَّهِ ابتدائِي “Başlamağım Allahın adı ilədir”. Uca Allahın bu ayəsinə görə: “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Hud, 41). Bu önqoşmanın aid olduğu sözün feil olduğunu deyənlər isə Uca Allahın bu ayəsinə əsaslanırlar: “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq, 1). Hər iki rəy doğrudur, çünki hər bir feilin məsdəri var. Nəzərdə tutulan sözü həm feil, həm də cümlənin əvvəlində qeyd etdiyin feilə uyğun məsdər edə bilərsən. Əgər edilən əməl, məsələn, qalxmaq, oturmaq, yemək, içmək, oxumaq, dəstəmaz almaq, namaz qılmaq və s. olarsa, şəriətə uyğun olan budur ki, xeyir-bərəkət ummaq və əməlin tamamlanması və qəbul olunmasında yardım diləmək üçün bu əməllərə başlayarkən Allahın adı çəkilsin. Ən doğrusunu Allah bilir.
"Allah" اللَّهُ kəlməsi Xeyirxah və Uca Rəbbin adıdır. Bildirilir ki, Yaradanın Ən əzəmətli adı məhz budur, çünki bu adla bütün sifətlər vəsf olunur. Necə ki Uca Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əl-Həşr, 22–24). Bu ayələrdə digər adlar Allahın sifətləri olaraq qeyd edilmişdir. Necə ki Uca Allah buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin” (“əl-Əraf”, 180). Başqa bir ayədə: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur” (əl-İsra, 110). 
əl-Buxari və Muslimdə Əbu Hureyradan gələn hədisdə Allah Elçisi demişdir: “Allahın doxsan doqquz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar”. (əl-Buxari, 2736, 7392; Muslim, 4836, 6986; ət-Tirmizi, 3506; İbn Məcə, 3860) ət-Tirmizi və İbn Məcənin rəvayətlərində bu adların sadalanması öz əksini tapmışdır. İki rəvayət arasında əlavə və azaltma olmaqla ixtilaf vardır. 
Bu adla Allahdan başqa heç kəs adlanmamışdır. Bu səbəbdən ərəb dilində həmin sözün törəndiyi (فعل يفعل) hər hansı feil yoxdur. Bəzi dilçilər isə bu sözün dəyişməz olub, törənmədiyini deyirlər. əl-Qurtubi əş-Şafii, əl-Xattabi, İmamul-Harameyn, (İmamul-Harameyni – İki Haramın (Məkkə və Mədinənin) imamı deməkdir. Bu ləqəb sahibi Əbul-Məali Abdul-Məlik ibn Abdullah əl-Cuveynidir. Hicri təqvimi ilə 419-cu ildə doğulub. Məkkə və Mədinədə təhsil aldığına görə belə adlanmışdır. 478-ci ildə vəfat etmişdir) əl-Qazəli və başqalarından nəql etməklə, əl-Xalil və Sibəveyhdən isə rəvayət etməklə bildirmişdir ki, “Allah” sözündəki “əlif” və “ləm” hərfləri sözün kökündəndir. əl-Xəttabi demişdir: Məgər sən يَا الله “Ey Allah” dediyində görmürsənmi?! (Yəni يَا “ey” xitab ədatından sonra “əlif” və “ləm” hərfləri düşmədi. Deməli, bu hərflər sözün kökündən olan hərflərdir. Əgər kök hərflər olmasaydı, qaydaya görə bu hərflər düşməli idi) يَا الرحمن “Ey ər-Rahmən” isə deyə bilməzsən. Əgər bu hərflər kökdən olmasaydı, يَا xitab ədatını “əlif” və “ləm” ilə başlayan sözə daxil edə bilməzdin. Bəzi dilçilər isə bu sözün törəmə olması rəyindədirlər. Buna dəlil kimi Rubə ibn əl-Əccəcin bu sözlərini qeyd etmişdir.
للَّهِ دَرُّ الغَانِيَاتِ الْمُدَّه 
سَبَحْنَ وَاستَرْجَعْنَ مِنْ تَألُّهي
Tərifəlayiq gözəl qadınların etdikləri necə də yaxşıdır!
İbadətlərini görən isə: “Subhən-Allah, İnnə lilləhi və innə ileyhi raciun”, – deyər. (Burada şair çox ibadət edən gözəl qadınları tərifləyir. Gözəlliklərindən əlavə ibadətlərini görən təəccübdən “Subhən-Allah” “Allah Pak və Müqəddəsdir”, həsrətdən isə “İnnə lilləhi və innə ileyhi raciun” – “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyərlər)

Bu beytdə şair تَألُّهٌ  “ibadət etmək” məsdəri işlətdi. Bu məsdər وَتَألُّهاً   أَلَهَ – يَأْلَهُ إلَاهَةً [təəlluh] “ibadət etdi” feilindəndir. Belə ki (Uca Allahın “əl-Əraf” surəsi, 127-ci ayəsi) İbn Abbasdan (Allah ondan razı olsun) “həm səni, həm də sənə ibadət etməyi bir kənara atsınlar” (Uca Allahın “Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar”. Firon dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik” (“əl-Əraf”, 127) ayəsi İbn Abbasdan (Allah ondan razı olsun) bu cür də rəvayət olunub) kimi də rəvayət olunur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sənə ibadət etməyi” – yəni o (Firon), ibadət olunurdu özü isə ibadət etmirdi”. Həmçinin Mucahid və başqaları da belə demişlər.
"Allah" اللَّهُ kəlməsinin əsli الإلَهُ “əl-İlah” sözüdür. Burada sözün birinci kökü olan “həmzə” hərfi pozulmuşdur. Bu zaman sözün ikinci kökü olan “ləm” hərfi sözün əvvəlinə müəyyənlik üçün əlavə olunan “ləm” hərfi ilə birləşmişdir. Nəticədə – eyni hərflər qoşalaşmış və sözdə bir şəddəli “ləm” hərfi əmələ gəlmişdir. Təzim səbəbindən qalınlaşmış (Çünki, əslində, “ləm” hərfi incə hərfdir) və اللَّهُ  “Allah” olaraq deyilməkdədir.
"ər-Rahmənir-Rahim" الرَّحْمَنِ الرَّحِيمِ  “Mərhəmətli və Rəhmli” Uca Allahın rəhmət sifətindən düzəlmiş və mübaliğə vəznində olan iki adıdır. الرَّحْمَنِ “ər-Rahmən” – “Mərhəmətli” adı الرَّحِيمِ  “ər-Rahim” – “Rəhmli” adından daha çox mübaliğə bildirir. İbn Cərir ət-Tabərinin sözündən belə başa düşülür ki, alimlər bu barədə yekdil rəydədirlər. əl-Qurtubi deyir: “Bu adların sifətdən düzəlmə olmasına dəlil ət-Tirmizinin səhih görərək Abdur-Rahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Bu hədisdə o, Peyğəmbərin belə dediyini eşitmişdir: “Mən ər-Rahmənəm. Rəhmi (qohumluq əlaqələrini) Mən yaratdım və ona adlarımdan birini ayırdım. Onu birləşdirəni birləşdirərəm, kəsəni də kəsərəm”. (ət-Tirmizi, 1907, 2031. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 520) əl-Qurtubi demişdir: “Bu hədis adın törəmə olduğuna dəlildir və bu barədə ixtilaf edib fikir ayrılığına düşməyin mənası yoxdur. O ki qaldı ərəblərin ər-Rahmən adını inkar etmələrinə, bu onların Allah və Allaha qarşı üzərilərinə düşən vacibləri bilmədiklərinə görə idi”. Sonra əl-Qurtubi deyir: “Buna iki adın eyni məna daşıması deyilir. Necə ki “nədmən” və “nədim” sözləri kimi. (Hər ikisi “peşman olan” mənasını verir) Bu rəyi Əbu Ubeyd (Əbu Ubeyd əl-Qasim ibn Səlləm əl-Həravi, əl-Bağdadi hicri təqvimi ilə 154-cü ildə anadan olmuş, 224-cü ildə vəfat etmişdir. Böyük dilçi və alimdir) demişdir. فَعْلانُ “fələn” formasının فَعِيل “fəil” formasından mənaca fərqləndiyi də deyilir. فَعْلانُ “fələn” formasının feilin mübaliğə mənasını bildirdiyi deyilir. Buna misal رَجُلٌ غَضْبَانُ “raculun ğadbənu” (qəzəbli kişi) qəzəblə dolmuş kişiyə deyilir. فَعِيل “fəil” forması isə “fail” (indiki zaman feili sifəti) və ya “məful” (keçmiş zaman feili sifəti) mənasını verə bilər. Əbu Əli əl-Farisi (Əbu Əli əl-Həsən ibn Əhməd ibn Abdul-Gaffər əl-Farisi (hicri 288–377). Ərəb dili üzrə alimlərdən biridir) demişdir: الرَّحْمَنِ “ər-Rahmən” – “Mərhəmətli” bütün rəhmət növlərini ehtiva edir və bu ad Uca Allaha xas olan addır. الرَّحِيمِ “ər-Rahim” – “Rəhmli” isə möminlərə qarşıdır. Uca Allah buyurur: “Allah möminlərə qarşı Rəhmlidir” (əl-Əhzab, 43). İbn Abbas (Allah ondan razı olsun) deyir: “Onlar (“ər-Rahmən” və “ər-Rahim” adları) iki zərif adlardır. Biri digərindən daha zərifdir. Yəni rəhmət baxımından daha genişdir”. Sonra əl-Xəttabi və başqalarından rəvayət etmişdir ki, onlar İbn Abbasın işlətdiyi bu sifət (zərif) barədə tərəddüd etmişlər və demişlər: “Ola bilsin ki, burada “daha zərif” dedikdə “daha mülayim” qəsd olunur. Necə ki hədisdə gəlmişdir: “Həqiqətən, Allah mülayimdir və hər işdə mülayimliyi sevir. Sərtlikdən dolayı vermədiyi mükafatı mülayimliyə görə verir”. (İmam Əhməd “Musnəd” kitabında (902) Əlidən, o da Peyğəmbərdən buna oxşar rəvayət etmişdir. Həmçinin buna oxşar rəvayəti Buxari və Muslim də Aişədən rəvayət etmişlər. Bax: Səhih Muslim (2/282) (Əhməd Şakir) İbn əl-Mubərak (Abdullah ibn əl-Mubərak (hicri 118–181) dövrünün böyük alimi olmuşdur) demişdir: “ər-Rahmən” – “Mərhəmətli” istədikdə verəndir. “ər-Rahim” – “Rəhmli” isə istənilmədikdə qəzəbi tutandır. Necə ki ət-Tirmizi və İbn Məcanın Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər demişdir: “Allahdan istəməyənə Allah qəzəblənər”. (ət-Tirmizi, 3373, 3700; İbn Məcə, 3827. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2654).
Bəzi alimlər deyirlər: “Bu səbəbdən Uca Allah buyurur: “Sonra da Ərşə ucaldı. O, Mərhəmətli olan Allahdır” (əl-Furqan, 59), həmçinin buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı” (Taha, 5). Bu ayələrdə ucalmağı “ər-Rahmən” – “Mərhəmətli” adı ilə qeyd etmişdir ki, rəhməti ilə bütün məxluqatı əhatə etsin. “Allah möminlərə qarşı Rəhmlidir” (əl-Əhzab, 43) ayəsində isə möminləri “ər-Rahim” – “Rəhmli” adı ilə xüsusiləşdirdi. Alimlər deyirlər: “Bu dəlalət edir ki, rəhmət baxımından “ər-Rahmən” – “Mərhəmətli” adı həm bu dünyada, həm də Axirətdə bütün məxluqatı əhatə etdiyinə görə “ər-Rahim” – “Rəhmli” adından daha geniş məna bildirir. “ər-Rahim” – “Rəhmli” isə möminlərə xasdır, lakin Peyğəmbərdən gələn bir duada deyilir: “Ey dünya və axirətin Mərhəmətlisi və Rəhmlisi!” (ət-Tabərani “Mucəmul-Kəbir” 16739. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1821)
Uca Allahın “ər-Rahmən” – “Mərhəmətli” adı Özünə xas olan addır. Allahdan başqası bu adla adlanmaz. Belə ki Uca Allah buyurur: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur” (əl-İsra, 110). Həmçinin buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (əz-Zuxruf, 45). Yalançı Museylimə (Museylimə ibn Həbib əl-Hənəfi – Peyğəmbərin dövründə peyğəmbərlik iddia etmişdir. Bu səbəbdən Peyğəmbər onu əl-Kəzzəb (yalançı) adlandırmışdır. Əbu Bəkrin (Allah ondan razı olsun) xəlifəliyi dövründə məğlub olmuş və öldürülmüşdür) özünü “Rahmənul-Yəməmə” (Yəməmə xalqının Mərhəmətlisi) adlandırmaqla həddini aşdığı zaman Allah ona yalan libası geyindirib bu adla onu məşhur etdi. Bu səbəbdən adı çəkiləndə ona yalnız Museylimə əl-Kəzzəb (yalançı) deyilir. Həm yerli, həm də köçəri ərəb xalqları arasında yalançılıqda onu misal çəkirlər. 
Amma “ər-Rahim” – “Rəhmli” adına gəlincə, Uca Allah bu adla Özündən başqasını vəsf etmişdir. Belə ki Uca Allah buyurur: “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (ət-Tövbə, 128). Həmçinin digər adlarından bəziləri ilə də Özündən başqalarını vəsf etmişdir. O buyurur: “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik” (əl-İnsan, 2).
Nəticə: Uca Allahın adlarından eləsi var ki, onunla Allahdan başqaları da adlandırıla bilər, elələri də var ki, bu adlarla Allahdan başqaları adlandırıla bilməz. Məsələn, Allah, ər-Rahmən (Mərhəmətli), əl-Xaliq (Yaradan), ər-Razzəq (ruzi verən) və s. buna bənzər adlar kimi. Buna görə də Uca Allah (Kitabını) Allah adı ilə başladı, ardınca isə “ər-Rahmən” – “Mərhəmətli” adı ilə vəsf etdi. Çünki bu ad “ər-Rahim” – “Rəhmli” adından daha xüsusi və daha tanınandır. Adlandırma ən çox məşhur olan adlarla olur. Bu səbəbdən daha xüsusi olanlarla başladı.
Bəziləri elə düşünür ki, ərəblər “ər-Rahmən” adını tanımırdılar. Bu səbəbdən Allah onlara bu ayə ilə cavab vermişdir: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur” (əl-İsra, 110). Məhz buna görə Hudeybiyyə sülhü bağlanan gün Peyğəmbər Əliyə “(Ey Əli!) “Bismilləhir-Rahmənir-Rahim” – “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” yaz”, – dedikdə Qureyş kafirləri dedilər: “Biz nə ər-Rahməni, nə də ər-Rahimi tanımırıq”. (əl-Buxari, 2731-2732) Bu hədisi əl-Buxari rəvayət etmişdir. Hədisin bəzi rəvayətlərində isə “Biz Rahmənul-Yəməmə”dən (Yəməmənin Mərhəmətlisindən) (Yalançı Museyliməni nəzərdə tuturlar) başqa ər-Rahmən tanımırıq” varid olmuşdur. Uca Allah bu xüsusda buyurur: “Onlara: “Mərhəmətli Allaha səcdə edin!” – deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. Bu da onların nifrətini artırar” (əl-Furqan, 60).
Görünən budur ki, onların (Qureyş kafirlərinin) bunu (ər-Rahmən adını) inkar etmələri haqqı danmaq və küfrlərində inadkarlıq etməklərindən irəli gəlirdi, çünki cahiliyyə şeirlərində Uca Allahı ər-Rahmən adı ilə adlandırmalarına rast gəlinir. İbn Cərir deyir: “Cahiliyyə dövrünün bəzi cahilləri oxuyurdu:
أَلا ضَرَبَتْ تِلْكَ الْفَتَاةُ هَجِينَهَا      
أَلاَ قَضَبَ الرَّحْمنُ رَبَى يَمِينِهَا
Kaş ki o gənc qız atını qamçılayardı
Kaş ki Rəbbim ər-Rahmən onu sağ əlindən yaxalayardı. (Bu beytdən görünür ki, şair Allahın ər-Rahmən adını bilir və bunu etiqad edirdi)
عَجِلْتُم عَلَيْنَا عَجِلْتَيْنَا عَلَيْكُمْ 
وَمَا يَشَأ الرَّحْمَنُ يَعْقِدُ ويُطْلِقُ
Siz bizə tərəf tələsdiz, biz də sizə tərəf
ər-Rahmən istədiyini saxlayır, istədiyini isə azad edər.

əl-Fatihə, 2
اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
2. “Həmd olsun aləmlərin Rəbbi Allaha”

Əbu Cəfər İbn Cərir (Əbu Cəfər Muhəmməd ibn Cərir ət-Tabəri (hicri təqvimi ilə 224–310) məşhur təfsir kitabının müəllifidir) deyir: “Həmd olsun Allaha” cümləsinin mənası: “Tərif Allahdan başqa ibadət olunanlara deyil, yaratdıqlarına deyil, qullarına saysız nemətlər bəxş etdiyinə görə xalis Allaha aiddir. Bu nemətlərin sayını Ondan başqa heç kəs bilə bilməz. Mükəlləf olanların Ona itaət etməsi üçün əzalarını sağlam etməsi, fərz ibadətləri yerinə yetirmələri üçün onlara bacarıq verməsi, habelə üzərində heç bir haqq olmadan dünyada onları ruziləndirməsi, dünya ləzzətləri ilə bəsləməsi nemətdir. Bütün bunlarla bərabər, qullarını tükənməz nemətləri olan əbədi Axirət həyatında əbədi qalmaları üçün səbəblərə yönəltmiş, xəbərdar etmiş və bu həyata çağırmışdır. Bütün bu nemətlərə görə əvvəlində də, sonunda da Rəbbimizə həmd olsun!”
İbn Cərir deyir: “Həmd olsun Allaha” cümləsi tərifdir. Allah bununla Özünü tərifləyir, eyni zamanda qullarına da Ona tərif deməsini əmr edərək sanki deyir: “Həmd olsun Allaha”, – deyin!” Bəziləri deyir: “Bir kəsin “Həmd olsun Allaha” deməsi Allahı gözəl ad və sifətləri ilə tərifləməsi deməkdir. “Şükür olsun Allaha” demək isə Allaha Onun nemətlərinin və lütfünün qarşılığında tərif deməsidir”. Sonra (İbn Cərir) bunu deyənlərə rədd cavabı verməyə başlamış və xülasə olaraq qeyd etmişdir ki, bütün ərəb dilçiləri “həmd” və “şükür” sözlərindən hər birini digərinin yerinə işlədirlər, lakin (İbn Cəririn) bu iddiası gözdən keçirilməlidir. Çünki bir çox keçmiş alimlərin sözlərindən məşhur olan budur ki, “həmd” təriflənəni təsirsiz (Təsirsiz sifətlər dedikdə təriflənənin özünə xas olan və digərlərinə təsiri olmayan sifətlərdir. Məsələn: mərdlik, həya sifəti kimi) və təsirli (Təsirli sifətlər dedikdə digərlərinə təsir edən sifətlərdir. Məsələn: səxavət sifəti kimi) sifətlərinə görə sözlə tərifləməkdir. “Şükür” isə yalnız təsirli sifətlərə görə həm qəlblə, həm dillə, həm də əzalarla olur. Necə ki şair demişdir:
أَفَادَتْكُم النَّعْمَاءَ مِنِّي ثَلاثَةٌ 
يَدِي ولِسَانِي والضَّمِيرُ الْمُحَجَّبَا
Sizin mənə olan nemətlərinizə mən üç şeylə –
Əlimlə, dilimlə və qəlbimlə qarşılq verdim. (Bu beytdən görünür ki, şükür həm əllə, həm dillə, həm də qəlblə olur)

Alimlər hansı daha ümumidir – “həmd”, yoxsa “şükür” məsələsində iki rəy olmaqla fikir ayrılığına düşmüşlər. Təsdiqini tapan budur ki, bu iki söz arasında ümumilik və xüsusilik vardır. Təriflənən sifət baxımından “həmd” sözü “şükür” sözündən daha ümumidir. Çünki “həmd” həm təsirli, həm də təsirsiz sifətlərə görə olur. Məsələn, deyirsən: “Gözəl at çapmağına görə ona həmd etdim” və “səxavətinə görə ona həmd etdim”. Digər tərəfdən “həmd” sözü  yalnız sözlə olduğuna görə daha xüsusidir. “Şükür” isə həyata keçirilmə baxımından daha ümumidir, çünki o əvvəl qeyd etdiyimiz kimi, həm sözlə, həm əməllə, həm də niyyətlə ola bilir. Həmçinin yalnız təsirli sifətlərə görə istifadə olunduğu üçün “şükür” sözü daha xüsusidir. Məsələn, “Gözəl at çapmağına görə ona şükür etdim” deyilmir. Amma “mənə qarşı olan səxavətinə və yaxşılığına görə ona şükür etdim” deyilir. Bu, keçmiş alimlərin qeyd etdiklərinin xülasəsi idi. Ən doğrusunu isə Allah bilir!
əl-Covhəri demişdir: “Həmd” sözü “pisləmək” sözünün əksidir. Deyirsən: “Kişiyə həmd etdim”. “Həmd etmək” feilinin məsdərləri: حَمْداً [həmd] və مَحْمَدَةً [məhmədə] formalarındadır. Həmd edilən insan isə حَمِيد [həmi:d] və مَحْمُود [məhmu:d] adlanır. التَّحْمِيد [təhmid] sözü “həmd” sözünün mübaliğə formasıdır. “Həmd” sözü “şükür” sözündən daha ümumidir. “Şükür” barəsində isə demişdir: “O yaxşılıq edəni yaxşılığına görə tərifləməkdir. شَكَرَ [şəkəra] “şükür etmək” feilini həm لـِ “ləm” önqoşmasız, həm də önqoşma ilə işlətmək olar. Məsələn: شَكَرْتُهُ [şəkərtuhu] və شَكَرْتُ لَهُ [şəkərtu ləhu] hər ikisi “ona təşəkkür etdim” deməkdir. Lakin  لـِ “ləm” önqoşması ilə işlətmək daha doğrudur. 
İmam Əhməd ibn Hənbəlin rəvayət etdiyi hədisdə əl-Əsvəd ibn Sərid demişdir: “(Bir dəfə) mən Peyğəmbərə dedim: “Ey Allahın Elçisi, Uca və Xeyirxah Rəbbimə dediyim təriflərlə şeirlərimdə səni də tərifləyimmi?” Peyğəmbər buyurdu: “Həqiqətən sənin Rəbbin tərifi sevir”. (Hədis əl-Musnəd kitabındadır (15650) (3/435, Hələb çapı) əs-Suyuti əd-Durr əl-Mənsur kitabında (1/12) bu hədisi Əhmədə əl-Buxariyə “əl-Ədəb əl-Mufrad” kitabında, ən-Nəsəi və əl-Hakimə və başqalarına nisbət etmişdir. əl-Hakimi hədisi səhih gördüyünü demişdir. (Əhməd Şakir). əl-Buxari “Ədəbul-Mufrad” 859. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3179) Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (ən-Nəsəi “Sunənul-Kubra” 7745) ət-Tirmizi, ən-Nəsəi və İbn Məcənin Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyir: “Peyğəmbər demişdir: “Ən fəzilətli zikr “Lə İləhə İlləllah” zikridir (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur). Ən fəzilətli dua isə “Əlhəmdulilləh” (Həmd olsun Allaha) duasıdır”. (ət-Tirmizi, 3383, 3711; İbn Macə, 3800; ən-Nəsəi “Sunənul-Kubra” 10599, 10677. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1497) ət-Tirmizi hədisi həsən ğarib adlandırmışdır. 
İbn Məcənin hədis kitabında İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər belə buyurmuşdur: “Bir dəfə Allahın qullarından biri duasında “Ey Rəbbim! Sənə Həmd olsun! Üzünün Cəlalına, hökmünün əzəmətinə layiq olan həmd!” Bu zikr iki mələyə ağır gəldi. Onu necə yazacaqlarını bilmədilər. Onlar göyə yüksəlib dedilər: “Ey Rəbbimiz! Sənin qulun bir zikr dedi. Onu necə yazacağımızı bilmirik”. Allah qulun dediyini bildiyi halda: “Qulum nə dedi?” – soruşdu. Onlar dedilər: “Ey Rəbbimiz, o qul dedi: “Ey Rəbbim! Sənə həmd olsun! Üzünün Cəlalına, hökmünün əzəmətinə layiq olan həmd!” Allah onlara dedi: “Qulum dediyi kimi yazın ki, Mənimlə qarşılaşdığı zaman mükafatını verim”. (İbn Məcə, 3801. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1877).
"əl-Həmdu" الْحَمْدُ sözündəki əlif və ləm hərfləri təriflərin bütün növ və siniflərinin Allaha aid olduğunu bildirir. Necə ki hədisdə gəlib: “Allahım, təriflərin hamısı Sənədir. Mülk bütünlüklə Sənindir. Xeyir bütünlüklə Sənin əlindədir və hər işin dönüşü Sənədir”. (Əhməd, 23355, 23403, 23747. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6850)
“Rəbb” – Sahib olan və idarəedəndir (hökmdardır). Lüğəti mənada ağaya və islah etmək məqsədilə idarə edənə də deyilir. Bu mənaların hamısını Allah haqqında demək düzgündür. “Rəbb” sözü nisbət olunmadan yalnız Allah üçün işlədilə bilər. Allahdan başqaları üçün yalnız nisbət olunmaqla işlənir. Məsələn, deyirsən: “Evin rəbbi”, “bunun rəbbi” və s. Amma tək “Rəbb” sözü yalnız Uca Allah üçün işlənir. Bəziləri bu adın Allahın ən əzəmətli adı olduğunu deyirlər.
“Aləmlər” – “aləm” sözünün cəmidir. Allahdan başqa hər şey nəzərdə tutulur. “Aləm” sözü cəmdədir, təki yoxdur. عَوالِمُ [Əva:lim] sözü isə yerdə, göydə, quruda və dənizdə yaşayan məxluqat növlərinə deyilir. Hər bir əsr və dövrdə yaşayanlar da “aləm” adlanır.

əl-Fatihə, 3
اَلرَّحْمَنِ الرَّحِيمِ
3. “Mərhəmətli və Rəhmliyə”

Uca Allahın “Mərhəmətli və Rəhmliyə” ayəsinin məzmunu haqda “bəsmələ” mövzusunda danışdığımız üçün burada yenidən təkrar olunmasına ehtiyac yoxdur. əl-Qurtubi deyir: “Uca Allahın “aləmlərin Rəbbi” ayəsindən sonra Özünü “Mərhəmətli və Rəhmli” sifətləri ilə vəsf etməsinə səbəb rəğbət və qorxunu cəm etməkdir. Necə ki Uca Allah buyurur: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50). Həmçinin buyurur: “Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir” (əl-Ənam, 165). “Rəbb” sözündə qorxu, “Mərhəmətli və Rəhmli” sifətlərində isə rəğbət var. Səhih Muslimdə Əbu Hureyradan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər buyurur: “Əgər mömin Allah yanındakı əzabı bilsəydi, heç biri Onun Cənnətinə tamah etməzdi. Kafir də Allah yanındakı rəhməti bilsəydi, heç biri Onun Cənnətindən ümidini kəsməzdi”. (Muslim, 4948, 7155)

əl-Fatihə, 4
مَالِكِ يَوْمِ الدِّينِ
4. “Haqq-hesab gününün Sahibinə!”

Bəzi qiraətçilər ayəni مَلِكِ [məliki] kimi, digərləri مَالِكِ [mə:liki] kimi oxumuşlar. Hər iki qiraət doğrudur və yeddi mutavatir qiraətdə (Yeddi mutavatir qiraət – Quranın nazil olduğu yeddi ərəb ləhcələri nəzərdə tutulur. Bu barədə Peyğəmbərimiz bizə bildirmişdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər demişdir: “Cəbrail mənə (Allahın Kitabını) bir qiraətlə oxumağı öyrətdi, lakin mən ondan daha çox (şey) öyrənmək istədim. Nəhayət, o mənə (Quranı) yeddi qiraətlə oxumağı öyrətdi” (əl-Buxari, 3219) yer almışdır. Həmçinin مَلِكِ [məliki] və مَلْكِ [məlki] – “ləm” hərfi “i” saiti ilə və saitsiz formada oxunmuşdur. Habelə مَلِيكِ [məli:ki] də deyilir. Nafi (Nafi ibn Abdur-Rahmən ibn Əbu Nueym əl-Leysi əl-Kinəni – Quranın on mötəbər qarilərindən biridir. Mədinədə qarilərin imamı sayılır. Hicri təqvimi ilə təqribən 70-ci ildə doğulub) isə “kəf” hərfinin “i” saitini uzadaraq (مَلِكِي يَوْمِ الدَّينِ) [Məliki: yəumid-di:n] kimi oxumuşdur. Məna baxımından tədqiqatçılar hər iki qiraəti düzgün saymışlar. Hər ikisi düzgündür. əz-Zəməxşəri isə مَلِكِ [məliki] qiraətini Məkkə və Mədinə əhalisinin qiraəti olduğu üçün üstün görmüşdür. Həmçinin Allahın bu ayələrinə görə: “Bu gün hökm kimə məxsusdur?” (Ğafir, 16), “Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır” (əl-Ənam, 73).
Məlik مَالِكِ [Mə:lik] (sahib) sözü الْمِلْكُ [əl-milk] (mülk) sözündən götürülmüşdür. Belə ki Uca Allah buyurur: “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır” (Məryəm, 40), başqa bir ayədə: “De: “Sığınıram insanların Rəbbinə, insanların Sahibinə” (ən-Nəs, 1-2). مَلِك [məlik] hökmdar sözü isə الْمُلْكُ [əl-mulk] hökm sözündən götürülmüşdür. Belə ki Uca Allah buyurur: “Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” (Ğafir, 16); “Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır” (əl-Ənam, 73); “Həmin gün gerçək hökm vermək ancaq ər-Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır” (əl-Furqan, 26). 
Bu ayədə hökmün Haqq-hesab gününə xas edilməsi digər hallarda hökmün Allaha aid olmasını inkar etmir, çünki əvvəl xəbər verdiyimiz kimi Allah aləmlərin Rəbbidir və bu həm dünya, həm də axirət üçün ümumidir. Bu ayədə hökmün Allaha nisbət edilməsi ona görədir ki, həmin gün heç kəs heç bir şey iddia edə bilməz. Allahın izni olmadan heç kəs danışa bilməz. Belə ki Uca Allah buyurur: “Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq” (ən-Nəbə, 38); “O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən” (Taha, 108); “Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq” (Hud, 105).
İbn Abbas (Allah ondan razı olsun) deyir: “Din günü məxluqatın haq-hesab günüdür. Bu, Qiyamət günüdür, Allah onları əməllərinə görə mühakimə edəcək. Əfv olunanlar istisna olmaqla əməlləri xeyir olanların əvəzini xeyirlə, şər olanların isə əvəzini şərlə verəcək”. Həmçinin bunu İbn Abbasdan (Allah ondan razı olsun) başqa səhabələr, tabiinlər və sələflər (Sələf sözünün lüğəti mənası hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış şəxs nəzərdə tutulur. Burada isə xüsusilə Peyğəmbər , onun səhabələri və onların ardıcılları nəzərdə tutulur. Peyğəmbər ölüm ayağında ikən qızı Fatiməyə (Allah ondan razı olsun) belə buyurmuşdur: “Mən sənin üçün nə gözəl sələfəm!” (əl-Buxari, 6285) də demişlər. Doğru olan da budur.
Həqiqi hökmdar Allahdır. Uca Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pakdır” (əl-Həşr, 23). Səhih əl-Buxari və Muslimin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər demişdir: “Qiyamət günü Allah yanında ən çirkin ad özünü padşahlar padşahı adlandıran kimsənin adı olacaq. Halbuki Allahdan başqa hökmdar yoxdur”. (əl-Buxari, 5738, 6206; Muslim, 3993, 5734) Həmçinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər demişdir: “Allah yeri (bütünlüklə) Ovcuna alacaq, göyləri də sağ Əli ilə bükəcək, sonra da belə buyuracaq: “Hanı yer üzünün hökmdarları?! Hanı lovğalar, hanı təkəbbürlülər?!” (İbn Əbu Asim “əs-Sunnə” 547, 548. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 546, 547) Əzəmətli Quranda isə Uca Allah buyurur: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” (Ğafir, 16). Dünyada Allahdan qeyrilərinin hökmdar adlandırılmasına gəlincə bu, məcazi mənadadır. Belə ki Uca Allah buyurur: “Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” (“əl-Bəqərə”, 247); “Mənim onu korlamağımın səbəbi onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi” (əl-Kəhf, 79); “O sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi” (əl-Maidə, 20). əl-Buxari və Muslimin “Səhih” əsərində gələn bir hədisdə Peyğəmbər buyurur: “Yuxuda mənə ümmətimdən bir dəstə mücahidin bu dənizin ortasında taxtlar üzərində oturmuş hökmdarlar kimi (və ya taxtlar üzərində olan hökmdarlara bənzər) Allah yolunda dəniz döyüşünə çıxdığı göstərildi”. (əl-Buxari, 2580, 6486; Muslim, 3535, 5043)
Din الدِّينِ [əd-Din] – “haqq-hesab”, “cəza” deməkdir. Belə ki Uca Allah buyurur: “O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək” (ən-Nur, 25); “Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?” (əs-Saffət, 53). Yəni sorğu-sual olunub, haqq-hesaba çəkiləcəyik? Hədisdə deyilir: “Ağıllı kəs odur ki, nəfsini hesaba çəkər və ölümdən sonrakı həyat üçün çalışar”. (Hədisi Əhməd, ət-Tirmizi, İbni Məcə və əl-Hakim Şəddəd ibn Əvsdan, o da Peyğəmbərdən rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 2459, 2647. İsnadı zəifdir. Bax: Silsilə əd-Daifə, 1201) Yəni özü üçün nəfsini hesaba çəkər. Ömər (Allah ondan razı olsun) demişdir: “Hesaba çəkilməmişdən əvvəl özünüzü hesaba çəkin, əməlləriniz tərəzidə çəkilməmişdən əvvəl nəfsinizi götür-qoy edin, əməllərinizdən Xəbərdar Olanın qarşısına çıxarılacağınız o böyük gün üçün tədarük görün!” (ət-Tirmizi, 2459, 2647. İsnadı zəifdir. Bax: Silsilə əd-Daifə, 5319, Mişkətul-Məsabih, 5289) ”O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (əl-Həqqa, 18).

əl-Fatihə, 5
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
5. “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”

Ayədə إِيَّاكَ  [iyyə:kə] “yalnız Sənə” sözündəki “yə” hərfini yeddi mutavatir qiraət alimi və əksəriyyət təşdidlə (qoşa hərfli) oxumuşlar. Amr ibn Fəyid isə əvvəli kəsrəli (“i” saiti ilə) olmaqla “yə” hərfini təşdidsiz (tək) oxumuşdur. Lakin bu qiraət şəz (Şəz qiraət – mutavatir (çoxsaylı yollarla gələn) olmayan və əlimizdəki Qurana müxalif olan qiraətdir) və qəbul olunmayandır, çünki ərəb dilində إِيَا [iyə] günəş şüasına deyilir. Bəziləri əvvəli fəthəli həmzə olmaqla şəddəli “yə” ilə  أَيَّاكَ [əyyə:kə] kimi oxumuşlar. Bəziləri isə həmzə əvəzinə “hə” hərfi ilə هَيَّاكَ [həyyə:kə] kimi oxumuşlar.
"Nəstəi:n" نَسْتَعِينُ “kömək diləyirik” sözünü bütün qarilər sözün əvvəlində “nun” hərfini fəthəli (“ə” saiti ilə) oxumuşlar. Yalnız Yəhya ibn Vəssəb və əl-Aməşdən başqa, onlar bu sözü kəsrəli (“i” saitli) “nun” hərfi ilə oxumuşlar və bu, Bəni Əsəd, Rabiə və Bəni Təmim qəbilələrinin ləhcəsidir. 
“İbadət” sözünün lüğəti mənası “alçalma”, “zəlil olma” deməkdir. Ərəbcə deyilir: “Muəbbəd yol”, “muəbbəd dəvə” – yəni əhliləşdirilmiş, (gediş-gəliş üçün) rahatlaşdırılmış.
Şəriətdə isə ibadət özündə kamil məhəbbəti, itaət və qorxunu cəm edən əməllərdir. Ayədə diqqət, etina və xüsusiləşdirmə bildirmək üçün إِيَّاكَ  [iyyə:kə] “yalnız Sənə” vasitəsiz tamamlığı cümlənin əvvəlində işlənmiş və təkrar edilmişdir. Yəni “Səndən başqa heç nəyə ibadət etmirik və Səndən başqa heç kəsə bel bağlamırıq”. Kamil itaət də elə budur. Dinin hamısı bu iki mənaya qayıdır. Bu səbəbdən bəzi sələflər demişlər: “Fatihə surəsi Quranın sirridir. “əl-Fatihə”nin sirri isə “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (“əl-Fatihə”, 5) ayəsidir. Bu ayənin birinci hissəsi şirkdən üz döndərməkdir, ikinci hissəsi isə hər cür güc-qüvvətdən ayrılaraq bütün işləri Allaha həvalə etməkdir. Bu məna Quranın bir çox ayələrində var. Belə ki Uca Allah buyurur: “Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyil” (Hud, 123); “De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik” (əl-Mülk, 29); “O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!” (əl-Muzəmmil, 9) və həmçinin bu ayə: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (“əl-Fatihə”, 5). 
Ayələrin məzmununun müraciət bildirən كَ “kəf” hərfi vasitəsilə üçüncü şəxsdən ikinci şəxsə dəyişməsi mövzuya son dərəcə münasibdir. Çünki surənin əvvəlində Allaha tərif deməklə qul sanki Allaha yaxınlaşdı və Uca Allahın qarşısında durdu. Bu səbəbdən dedi: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (“əl-Fatihə”, 4). Bu da ona dəlalət edir ki, Uca Allah surənin əvvəlində gözəl sifətləri ilə Özünü tərifləməklə, qullarını da Ona belə tərif deməyə yönəldir. Bu səbəbdən “əl-Fatihə” surəsini deməyə qüdrəti çatdığı halda söyləməyənin namazı səhih deyil. Belə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ubədə ibn əs-Samitdən (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər demişdir: “əl-Fatihə” surəsini deməyənin namazı qəbul deyil”. (əl-Buxari, 714, 756: Muslim, 595, 900) Səhih Muslimdə əl-Əla ibn Abdur-Rahmən, o da atasından, o da Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin belə dediyi rəvayət edilir: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” – dedikdə Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”, – deyir. O: “Mərhəmətli və Rəhmliyə” – dedikdə Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”, – deyir. O: “Haqq-hesab gününün Hökmdarına!” – dedikdə Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”, – deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”, – dedikdə Allah buyurur: “Bu Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”, – dedikdə Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!” (Muslim, 598, 904).
Ayədə “Biz yalnız Sənə ibadət edir” cümləsi “yalnız Səndən kömək diləyirik” cümləsindən əvvəl qeyd olunmuşdur, çünki həyatın əsas məqsədi Allaha ibadətdir. Allahdan kömək diləmək isə ibadəti yerinə yetirməyə vəsilədir. Ən mühüm olanın öndə qeyd olunması isə qayğıkeşlik və dərrakədən irəli gəlir. Allah ən yaxşısını Biləndir.
Əgər deyilsə ki, “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” ayəsində “Biz” mənasını verən ن “nun” hərfi nə məqsəd daşıyır? Yəni əgər “nun” hərfi cəmi bildirirsə, axı namazda dua edən bir nəfərdir? Əgər dua edənin özünü tərifləmək və əzəmətləndirmək məqsədi daşıyırsa, onda bu yerə (məqama) uyğun deyil. Buna belə cavab verilir: “Burada namaz qılan (Allaha ibadət edən) bütün qulları nəzərdə tutur, namaz qılan özü də bu qullardan biridir. Xüsusilə də əgər camaatla olarsa və ya namazda imam olarsa, həm özü, həm də mömin qardaşlarının ibadəti barədə xəbər vermiş olur, çünki məhz bunun üçün yaradılıblar. Bununla da onlar üçün xeyrə vasitəçi olmuş olur. Bəzi alimlər demişlər: Burada “nun” hərfi əzəmətləndirmək (Ərəb dilində “biz” şəxs əvəzliyi həmçinin özünü əzəmətləndirmək mənasında birinci şəxsin təki üçün də işlənir. Quranda Uca Allahın Özünə “Biz” deməsi məhz bu mənadadır) mənasında da ola bilər. Sanki qula deyilmişdir: “İbadətin içində sən hörmətlisən, çox möhtərəmsən, bu səbəbdən de: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (“əl-Fatihə”, 4). İbadət xaricində isə yüz min və ya bir milyon insan içində olsan belə, heç vaxt tək özün üçün “Biz beləyik”, “biz etdik” – demə, çünki onların hamısının Uca Allaha ehtiyacı var. Bəzi alimlər isə demişlər: “Biz ibadət edirik” ifadəsi “Mən ibadət edirəm” ifadəsindən təvazökarlıq baxımından daha mülayimdir. Çünki ikinci ifadədə tək özünü ibadət əhli saymaqla bir növ yüksəltmə vardır. Halbuki heç kəs Ona layiqincə ibadət edə bilməz, heç kəs Onu layiqincə tərifləyə bilməz. İbadət çox yüksək məqamdır. Qul ibadəti ilə Allaha nisbət olunduğuna görə yüksək hörmətə nail olur.
Uca Allah Quranda ən hörmətli məqamlarda belə Peyğəmbərini Öz qulu adlandırmışdır. Allah buyurur: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (əl-Kəhf, 1), “Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (əl-Cinn, 19), “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir” (əl-İsra, 1). Uca Allah Peyğəmbərinə Quran nazil etdiyi, dəvətə başladığı, meraca yüksəltdiyi zaman onu Öz qulu adlandırmışdır. Əleyhdarları onu təkzib etdikləri və buna görə qəlbinin daraldığı zaman Uca Allah Peyğəmbərini müəyyən vaxtlarda ibadət etməyə yönəltmişdir. Belə ki Uca Allah buyurur: “Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol! Sənə ölüm gələnədək Rəbbinə ibadət et” (əl-Hicr, 97–99).

əl-Fatihə, 6
اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
6. “Bizi doğru yola yönəlt”

Ötən ayələrdə Allaha tərifdən sonra Ona dua olunması dua edən üçün son dərəcə münasibdir. Belə ki hədisdə Allah buyurur: – “Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Bu, dua edən üçün ən kamil haldır. Əvvəl dua etdiyini tərifləsin, sonra isə ehtiyacını istəsin. Bu hal ehtiyacına nail olması üçün daha yaxşı, istəyinə cavab verilməsi üçün isə daha faydalıdır. Bu səbəbdən Uca Allah bu ayələrlə bizi ən kamil olana yönəltmişdir. Bəzən dua, diləyənin öz istək və ehtiyacını bildirməsi ilə olur. Belə ki Musa (ona salam olsun) dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” Bəzən duadan əvvəl dua olunanın (Allahın) vəsflərindən biri zikr olunur. Zun-Nun (Zun-Nun – Balıq sahibi deməkdir. Burada Yunus peyğəmbər nəzərdə tutulur) (ona salam olsun) demişdir: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (əl-Ənbiya, 87). Bəzən isə dua yalnız dua edilənə tərifdən ibarət olur. Şair demişdir:
أَأذْكُرُ حَاجَتِيْ أمْ قَدْ كَفَانِيْ ... حَيَاؤُكَ إِنَ شِيْمَتَكَ الْحَيَاءُ
إِذَا أَثْنَى عَلَيْكَ الْمَرْءُ يَوْمًا ... كَفَاهُ مِنْ تَعَرُّضِهِ الثَّنَاءُ
Ehtiyacımı bildirimmi, yoxsa sənin həyalı olmağın mənə yetər,     
Həqiqətən həya sənin təbiətindir,
Kimsə sənə bir gün tərif desə,    
Sənə tərif deməsi yetər ki, onun ehtiyacını ödəyəsən. (Şair bu beytlə bildirir ki, bəzi insanlar həyalı olduğu üçün kimsə onlara tərif dedikdə utanar və başa düşər ki, ehtiyacı var. Ehtiyacını dilə gətirmədən onu ödəyər)

Bu ayədə “doğru yol” dedikdə hər iki hidayət növü – “Hidəyətul-İrşad” (doğru yolu göstərmək) və “Hidəyətut-Tovfiq” (doğru yolu tutmağa müvəffəq etmək) nəzərdə tutulur. Bəzən “doğru yola yönəltmək” feili (ön qoşmasız) özü təsirli olur. Necə ki bu ayədə gəlmişdir: “Bizi doğru yola yönəlt” (“əl-Fatihə”, 5). Belə olduqda ayə “bizə doğru yolu ilham et”, “bizi doğru yola müvəffəq et”, “bizə doğru yolu bəxş et” və ya “ver” mənalarını verir. “Onu (insanı) iki yoxuşlu yola yönəltmədikmi?” (əl-Bələd, 10). Yəni ona xeyiri və şəri bildirdik. Bəzən isə “doğru yola yönəltmək” feili إِلَى “-a, -ə” ön qoşması ilə işlənir. Bu ayədə olduğu kimi: “O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi” (ən-Nəhl, 121); “Onları Cəhənnəm yoluna yönəldin” (əs-Saffət, 23). Burada isə “yönəltmək” və “göstərmək” mənasını verir. Həmçinin bu ayədə: “Həqiqətən, sən onları doğru yola yönəldirsən” (əş-Şura, 52). Bəzən isə “doğru yola yönəltmək” feili لِ “li” ön qoşması ilə işlənir. Cənnət əhlinin dediyi kimi: “Bizi buna qovuşduran Allaha həmd olsun!” (“əl-Əraf”, 43). Yəni bizi buna müvəffəq edən və bizi buna layiq edən Allaha həmd olsun!
"əs-Sira:tal-Mustəqim" الصِّرَاطَ الْمُسْتَقِيمَ “doğru yol” sözünə gəlincə, Əbu Cəfər İbn Cərir deyir: “Ümmətin təfsir alimləri ittifaq etmişlər ki, “əs-Sirat əl-Mustəqim” “doğru yol” dedikdə əyriliyi olmayan düz yol nəzərdə tutulur. Həmçinin bütün ərəblərin dilində də belədir. Sonra ərəblər bu sözü məcazi olaraq düz və ya əyri vəsf oluna bilən hər bir söz və ya əməl üçün işlətməyə başlamışlar. Düz olanı düz ilə, əyri olanı isə əyri sifəti ilə vəsf etmişlər. 
Sonra sələf (əvvəlki) və xələf (sonra gələnlər) təfsir alimləri الصِّرَاطَ  [əs-Sirat] “yol” sözünün təfsirində fikir ayrılığına düşmüşlər. Baxmayaraq ki dedikləri nəticə olaraq eyni şeyə qayıdır, bu da Allah və Onun Elçisinə tabe olmaqdır. Bəziləri isə bunun Allahın Kitabı olduğunu demişlər.
İmam Əhməd “əl-Musnəd” əsərində ən-Nəvvəs ibn Səmandan (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi buyurmuşdur: “Allah doğru yolu məsəl çəkir. Yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir: “Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolunuzdan sapmayın!” Yolun üzərində duran bir carçı isə hər dəfə (qul) o qapılardan bir şey açdıqda belə deyir: “Vay sənin halına, onu açma! Onu açsan, ora girəcəksən”. (Sonra Allah Elçisi - ona Allahın salavatı və salamı olsun - bunları açıqlayaraq buyurdu:) “Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üzərində olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir”. (Əhməd, (17711), (4/182183). Hədisin bəzi rəvayətləri burada qeyd olunana müxalifdir. Ola bilsin, bu ixtilaf əl-Musnəd kitabının əlyazmasının müxtəlifliyi səbəbindəndir. İbn Kəsirin işarə etdiyi ət-Tabərinin rəvayəti müxtəsərdir və (186-187) rəqəmləri altındadır”. (Əhməd Şakir). Əhməd, 17671, 17784. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2348) Hədisi həmçinin ət-Tirmizi, ən-Nəsəi, İbn Əbu Hatim və ət-Tabəri rəvayət etmişlər. Sənədi həsən-səhihdir. (Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir) Ən doğrusunu Allah bilir.
Mucahid demişdir: الصِّرَاطَ الْمُسْتَقِيمَ [əs-Siratal-Mustəqim] “doğru yol” Haqqdır. Bu məna daha genişdir və daha çox şeyi əhatə edir. Bu məna ilə əvvəl qeyd etdiyimiz mənalar arasında ziddiyyət yoxdur. İbn Əbu Hatim və İbn Cərir rəvayət etmişlər ki, Əbul-Aliyə (Əbul-Aliyə Rafi ibn Mehran ər-Riyəhi. Hicri təqvimi ilə 93-cü ildə vəfat edib. Peyğəmbərin dövründə yaşayıb, amma İslamı Əbu Bəkrin (Allah ondan razı olsun) xilafəti zamanı qəbul edib. Quran qarilərindən biridir. Təfsir və fiqh alimidir) demişdir: “Doğru yol” dedikdə, Peyğəmbər və ondan sonra gələn iki səhabəsi (Əbu Bəkr və Ömər) nəzərdə tutulur”. Asim (Asim ibn Bəhdələ Əbun-Nəcud əl-Əsədi. Hicri təqvimi ilə 129-cu ildə vəfat edib. Quranı rəvayət edən yeddi qaridən biridir. Həmçinin ərəb dilinin qrammatikasını gözəl bilmişdir) demişdir: “Biz bu barədə əl-Həsəndən soruşduq. O dedi: “Əbul-Aliyə doğru söyləmiş və sözündə səmimi olmuşdur”. (ət-Tabəri, 184, 187)
Bu rəylərin hamısı doğrudur və bir-biriləri ilə sıx əlaqəlidir, çünki kim Peyğəmbərə və ondan sonra gələn Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) yoluna tabe olarsa, haqqa tabe olmuşdur. Haqqa tabe olan isə İslam dininə tabe olmuşdur. İslam dininə tabe olan isə Qurana tabe olmuşdur. Quran isə Allahın Kitabı və möhkəm ipidir. Allahın doğru yoludur. Bu rəylərin hamısı doğrudur və bir-birini təsdiqləyir. Allaha Həmd olsun!
ət-Tabərani rəvayət edir ki, Abdullah (Abdullah – ibn Məsuddur. ət-Tabəraninin ondan rəvayəti səhih sənədlidir) (Allah ondan razı olsun) demişdir: الصِّرَاطَ الْمُسْتَقِيمَ [əs-Siratal-Mustəqim] “doğru yol” – Allah Elçisinin bizi üzərində qoyub getdiyi yoldur”. (ət-Tabərani “Mucəmul-Kəbir” 10302.)
Bu səbəbdən İmam Əbu Cəfər ibn Cərir demişdir: “Mənə görə bu ayəyə, yəni “Bizi doğru yola yönəlt” ayəsinə ən münasib olan təfsir budur: “Bizi, razı qaldığın və qullarından nemət verdiyin kəsləri müvəffəq etdiyin söz və əməl üzərində sabit et! Doğru yol da məhz budur, çünki kim Allahın nemət bəxş etdiyi peyğəmbərlərin, sidq-ürəkdən inananların, şəhidlərin və əməlisalehlərin yoluna müvəffəq olunarsa, artıq İslam dininə müvəffəq olunmuşdur. Peyğəmbərləri təsdiq etmək, Kitaba sarılmaq, Allahın əmr etdiklərinə əməl edib, qadağan etdiklərindən çəkinmək, Peyğəmbərin və dörd xəlifənin yoluna tabe olmaq və saleh qulların yolu ilə getmək doğru yoldur. 
Əgər deyilsə ki: “Mömin kəs doğru yolda olduğu halda, namazda və ya digər vaxtlarda daim Allahdan onu doğru yola yönəltməsini necə istəyə bilər? Bu onda var olanı yenidən əldə etmək kimi başa düşülür, yoxsa necə?” Bunun cavabı xeyrdir. Əgər möminin gecə və gündüz hidayət istəməyə ehtiyacı olmasaydı, Uca Allah onu buna yönəltməzdi, çünki qul hər an və hər vəziyyətdə Allahın onu hidayətdə sabit etməsinə və qüvvətləndirməsinə, haqqı görmək üçün bəsirətini açıq saxlamasına, hidayətini daha da artırmasına və bu yolda davamiyyətli etməsinə möhtacdır. Qul Allahın istədiyindən başqa özünə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyil. Bunun üçün Uca Allah qulunu daim Ondan yardım, sabitlik və müvəffəqiyyət istəməyə yönəltmişdir. Allah kimi Ondan istəməyə (dua etməyə) müvəffəq etmişsə, o kəs xoşbəxtdir. Çünki Uca Allah dua edənin duasını qəbul etməyi Öz üzərinə götürmüşdür. Xüsusilə də gecə-gündüz çətin vəziyyətdə və möhtac olan adam Ona yalvararsa. Uca Allah buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (ən-Nisa, 136). Bu ayədə Allah iman edənlərə imanı əmr etmişdir. Bu, var olanı yenidən əldə etmək kimi başa düşülmür. Burada qəsd olunan imanda sabit qalmaq, davamiyyətli olmaq və imana yardım edən əməlləri heç vaxt tərk etməməkdir. Ən doğrusunu Allah bilir. Başqa bir ayədə Uca Allah iman gətirmiş qullarına belə deməyi əmr edir: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” (Ali-İmran, 8). Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) bu ayəni Məğrib namazının üçüncü rükətində səssiz oxuyardı. Beləliklə, “Bizi doğru yola yönəlt” ayəsinin mənası – bizi bu yol üzərində davamiyyətli et və başqa yola yönəltmə deməkdir.

əl-Fatihə, 7
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
7. “Nemət bəxş etdiyin şəxslərin yoluna. Qəzəbə uğramışların və azmışların yoluna deyil!”

Yuxarıda qeyd etdiyimiz hədisdə ifadə edildiyi kimi, qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”, – dedikdə Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!”
Uca Allahın: “Nemət bəxş etdiyin şəxslərin yoluna” sözü “doğru yol”un təfsiridir. Ərəb dilçiləri bunu “bədəl” (təyin) adlandırır. “Ətfi-bəyan” (Ətfi-bəyan – özündən əvvəl gələn sözü açıqlayan cümlə üzvüdür) olması da icazəlidir. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.
Allahın nemət bəxş etdiyi kəslər “ən-Nisa” surəsində qeyd olunan kəslərdir. Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq-ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər” (ən-Nisa, 69-70).
Uca Allah buyurur: “Qəzəbə uğramışların və azmışların yoluna deyil!”- yəni bizi doğru yola yönəlt, yuxarıda vəsf olunan nemət verdiklərinin yoluna. Onlar hidayət əhli və doğru yolda olanlardır. Onlar Allaha və Peyğəmbərinə itaət edərlər, əmrlərini yerinə yetirib, qadağalarını tərk edərlər. “Qəzəbə uğramışların yoluna deyil!” Onlar niyyətlərini korlamış kəslərdir. Haqqı bildikdən sonra ondan üz çevirmişlər. “Azmışların yoluna deyil!” Onlar elmi itirmişlər, azğınlıq içində sərgərdan dolaşarlar. Haqqı əsla tapa bilməzlər. Burada cümlə لاَ [lə] inkar ədatı ilə gücləndirilmişdir. Bunda məqsəd iki səhv yolun olduğunu bildirməkdir. Bunlar yəhudi və xaçpərəstlərin yoludur. 
Bəzi ərəb dilçiləri buradakı “deyil” ədatının istisna ədatı olduğunu iddia etmişlər. Belə olarsa, istisna cümlə “munqati” (“Munqati” (əlaqəsiz) istisna cümləsi – “mustəsnə” (istisna olan) özündən əvvəl gələn “mustəsnə minhu”nun (müstəsna olanın) bir hissəsi olmayan cümləyə deyilir. Yəni “mustəsnə” və “mustəsnə minhu” müxtəlifnövlü isimlər olur) (əlaqəsiz) olur. Çünki “qəzəbə uğramışlar və azmışlar” nemət verilən kəslərdən istisna olunur və onlarla eyni qəbildən deyillər. Lakin bizim qeyd etdiyimiz məna daha uyğundur. Bəzi ərəb dilçiləri bu ayədə لاَ [lə] inkar ədatının cümlənin mənasını gücləndirmək üçün işləndiyini və ayənin təqdirinin “qəzəbə uğramışların və azmışların yolundan başqa!” şəklində olduğunu söyləmişlər. Lakin bizim əvvəl qeyd etdiyimiz məna daha doğrudur. Bunun üçün Əbu Ubeyd əl-Qasim ibn Səlləm “Quranın Fəzilətləri” adlı kitabında Ömər ibn Xattabdan  nəql etmişdir ki, o bu ayəni: “Ğayril-məğdubi aleyhim va ğayrid-dallin” (nə qəzəbə uğramışların yoluna deyil, nə də azmışların yoluna deyil!) kimi oxumuşdur. (əd-Dəməşqi “Musnədul-Faruq” 787) Əsərin isnadı səhihdir. Ömərin (Allah ondan razı olsun) bu ayəni belə oxuması təfsir məqsədi daşıyır. Bu da göstərir ki, bizim söylədiyimiz kimi, لاَ [lə] ədatı inkarı gücləndirmək üçün işlənmişdir. Məqsəd isə budur ki, iki yol arasında fərq olduğu bilinsin və hər ikisindən də uzaq durulsun.
Həqiqətən, iman əhlinin yolu haqqı bilib, ona əməl etməyi özündə birləşdirir. Yəhudilər əməl etməyi tərk etmişlər, xaçpərəstlər isə elmi tərk etmişlər. Bu səbəbdən yəhudilər qəzəbə düçar olanlar, xaçpərəstlər isə azğınlığa düşənlərdir, çünki haqqı bilib ona əməl etməyənlər qəzəbə layiqdir. Haqqı bilməyənin halı isə fərqlidir. Xaçpərəstlər yolunu bilmədikləri bir şeyi etməyə çalışmışlar, çünki işə lazımi yerdən yanaşmamışlar. Lazım olan isə haqqa tabe olmaqdır. Onlar bunu itirmişlər. Yəhudi və xaçpərəstlərin hər ikisi həm qəzəbə uğramış, həm də azmışlar. Lakin qəzəbə düçar olmaq yəhudilərə xas olan, azmaq isə xaçpərəstlərə xas olan xüsusiyyətdir. Hədislər və əsərlər belə varid olmuşlar.
İmam Əhməd rəvayət edir ki, Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin atlıları gəlib bibimi və bir neçə insanı götürdülər. Onları gətirib Peyğəmbərin qarşısında bir səfə düzdülər. Bibim dedi: “Ey Allahın Elçisi, vəziyyət belə gətirdi ki, məsafə uzaq olduğu üçün bizim qəbilədən sənin yanına gələn olmadı. Mənim də övladım yoxdur. Yaşlı qocayam. Mənim qayğıma qalan da yoxdur. Allah sənə mərhəmət göstərdiyi kimi, sən də mənə rəhm et!” Peyğəmbər dedi: “Sənin adamın kimdir?” Qadın dedi: “Adiy ibn Hatim”. Peyğəmbər dedi: “Allah və Onun Elçisindən qaçan adam?” Qadın: “Mənə rəhm et”. (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - getdi və bir müddətdən sonra qayıtdı). Qayıtdıqdan sonra yanında olan bir kişi – deyəsən Əli idi – mənə dedi: “Peyğəmbərdən minik istə”. Mən də istədim. Peyğəmbər mənə minik verilməsini əmr etdi. Adiy dedi: “Bibim mənim yanıma gəldi və mənə dedi: “Sən (Peyğəmbərdən uzaqlaşmağınla) elə bir iş tutmusan ki, atan heç vaxt belə etməzdi. Bax filankəs onun yanına gəldi, qənimətlə qayıtdı. Filankəs də gəldi, xeyirlə qayıtdı. Mən də Peyğəmbərin yanına gəldim. Peyğəmbər bir qadın iki və ya bir uşaqla (məscidin) yaxınlığında dayanmışdı. (Uşaqlı qadın Peyğəmbərdən yardım istədi. Peyğəmbər də onların ehtiyaclarını ödədi). (ət-Tirmizinin rəvayətində bu əlavə var) Adiy dedi: “Bildim ki, o nə Qeysər, (Rum imperatorlarının titulu) nə də Xosrov (Fars şahlarının titulu) kimi padşah deyil. (Peyğəmbərin təvazökar və insanlara qarşı qayğıkeş olduğunu bildirir) Peyğəmbər mənə dedi: “Ey Adiy! Lə İləhə İlləllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) deməkdən niyə qaçdın? Allahdan başqa haqq məbud varmı? Allahu Əkbər (Allah ən Böyükdür) deməkdən niyə qaçdın? Allahdan böyük kim ola bilər?” Adiy dedi: “Mən İslamı qəbul etdim. Peyğəmbərin üzünün sevindiyini gördüm. Peyğəmbər dedi: “Həqiqətən, qəzəbə uğramışlar yəhudilərdir, azmışlar isə xaçpərəstlər”. (Əhməd, 19381, 19400, 19600; ət-Tirmizi, 2953, 3211. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8202) Həmçinin hədisi ət-Tirmizi rəvayət etmiş və onu “həsən ğarib” adlandırmışdır. (Hədis bütünlüklə “əl-Musnəd” əsərində yer almışdır (4/378, 379, Hələb çapı). ət-Tirmizidə isə (4/67) Bundan əvvəl Əhməd müxtəsər olaraq rəvayət etmişdir (4/257) Abdur-Razzaq rəvayət edir ki, Abdullah ibn Şəqiq Peyğəmbərdən eşidən bir kəsdən belə rəvayət etmişdir: “Peyğəmbər əl-Qura vadisində atının üstündə olarkən Bənu əl-Qayn qəbiləsində olan bir kişi ondan soruşdu: “Ey Allahın Elçisi! Bunlar kimlərdir?” Peyğəmbər yəhudiləri işarə edərək dedi: “Bunlar qəzəbə uğramışlardır. Azmışlar isə xaçpərəstlərdir”. (ət-Tabəri, 198, 201; Əhməd, 20366, 20619. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3263) Hədisi “mursəl” olaraq rəvayət etmişdir, çünki Peyğəmbərdən eşidən kişinin kim olduğunu bildirməmişdir. (Hədisi ət-Tabəri (198) Abdur-Razzaqın yolu ilə rəvayət etmişdir. Həmçinin əl-Heysəmi “Məcməuz-Zəvaid” kitabında buna yaxın iki rəvayət qeyd etmişdir (6/310, 311) və demişdir: “Əhməd hədisin hamısını rəvayət etmişdir. Hədisi rəvayət edənlər əl-Buxarinin hədis rəvayətçiləridir”. əl-Heysəminin dediyi doğrudur.)
Həmçinin İbn Abbas, ər-Rabi ibn Ənəs, Abdur-Rahmən ibn Zeyd ibn Əsləm və başqaları (Allah onlardan razı olsun) bunu demişlər. İbn Əbu Hətim demişdir: “Təfsir alimləri arasında bu mövzuda fikir ayrılığının olduğunu bilmirəm”. 
Qəzəbə uğrayanların yəhudilər, azmışların isə xaçpərəstlər olmasını deyən təfsir imamlarının sözlərinə dəlil yuxarıdakı hədis və Uca Allahın “əl-Bəqərə” surəsində İsrail oğullarına xitabən dediyi bu ayədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər Kafirlərə alçaldıcı bir əzab var” (“əl-Bəqərə”, 90). əl-Maidə surəsində isə buyurur: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (əl-Maidə, 60). Həmçinin buyurur: “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (əl-Maidə, 78-79). 
Bu əhəmiyyətli surə yeddi ayədən ibarət olub, əzəmətli sifətləri özündə cəm edən Allahın gözəl adlarını zikr etməklə, Allaha həmd, tərif və səna ilə başlamışdır. Surə Qiyamət günündəki dönüşü xatırlatmış və qulları Allaha dua etməyə və yalvarmağa yönəltmişdir. Güc və qüvvətin yalnız Allaha aid olduğunu etiraf edib, yalnız Allaha ibadət etməyi və ibadətdə Onu təkləşdirməyi bildirmişdir. Onun şəriki, bənzəri və ya oxşarı olmasını rədd etmişdir. Allahdan doğru yola, düzgün dinə yönəltməyi diləməyi buyurmuşdur. Qiyamət günü Sirat körpüsündən keçmələri üçün nemətlər yurdu Cənnətlərdə peyğəmbərlərin, sadiqlərin, şəhidlərin və salehlərin yanında ola bilmələri üçün dünyada Allahdan onları doğru yolda sabit etməsini diləməyi bildirmişdir.
Bu surə Qiyamət günü salehlərlə birlikdə olmaq üçün saleh əməllərə, batil yolda olanlarla birlikdə həşr olunmamaq üçün batil yollardan çəkinməyə təşviq etmişdir. Batil yolun yolçuları qəzəbə uğrayanlar və azmışlardır. “Nemət bəxş etdiyin şəxslərin yoluna” ayəsində nemət bəxş etməyin yalnız Allaha aid olduğunun bildirilməsi necə də gözəldir!
“Qəzəbə uğramışların” ifadəsində qəzəblənənin, əslində, Allahın özü olması bilinsə də, ayədə qeyd olunmayıb. Necə ki başqa bir ayədə Allah belə buyurur: “Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi?” (əl-Mucadilə, 14). Həmçinin Allah Öz qədəri ilə azdırdığına baxmayaraq, azğınlığı azanların özlərinə aid etmişdir. Belə ki O buyurur: “Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən” (əl-Kəhf, 17). “Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər” (“əl-Əraf”, 186). Bu kimi bir çox ayələr dəlalət edir ki, hidayət vermək və azdırmaq yalnız Uca Allaha məxsusdur. Qədəriyyə firqəsinin və onların davamçılarının dediyi kimi deyil. Onlara görə qullar özləri hidayəti və ya zəlaləti seçib onu həyata keçirirlər. (Yəni Allahın istəyi və iradəsi olmadan) Öz bidətlərinə (Bidət sözünün lüğəti mənası “yenilik” deməkdir. Dində isə Bidət – Quranda Allahın buyurmadığı, Sünnədə Peyğəmbərin və Raşidi xəlifələrin etmədiyi hər hansı bir ibadəti və ya ibadətə əlavəni və ya etiqadı dindən hesab edib, dində yenilik etməkdir) dəlil kimi Quranda mənası aydın olmayan ayələri götürüb, bu mövzuda əleyhlərinə olan açıq-aydın ayələri tərk edirlər. Zəlalət və azğınlıqda olan firqələrin halı belədir. Səhih hədisdə rəvayət edilir: “Əgər mənası aydın olmayan (ayələrin) ardınca düşənləri görsən, (bil ki,) bunlar Allahın (ayədə) adlandırdığı kimsələrdir, onlardan uzaq ol!” (Hədisi əl-Buxari və Muslim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər. Allahın izni ilə bu hədis Ali-İmran surəsinin 7-ci ayəsinin təfsirində gələcək. Bu hədisin təxrici ət-Tabəri (66705-66150) və Səhih İbn Hibban (72-75) kitablarında təfsilatlı gəlmişdir. (Əhməd Şakir). Muslim, 4817, 6946) Yəni Uca Allahın: “Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər” (Ali-İmran, 7) ayəsi nəzərdə tutulur. Allaha həmd olsun ki, Quranda heç bir bidətçi üçün doğru dəlil yoxdur, çünki Quran haqla batili, hidayətlə zəlaləti ayırmaq üçün gəlmişdir. Quranda heç bir ziddiyyət və ixtilaf yoxdur, çünki o, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. 

Fəsil

“əl-Fatihə” surəsini oxuyanın sonda آمِينْ [ə:mi:n] deməsi müstəhəbdir. Həmçinin “ə” saiti qısaldılaraq أَمِينْ [əmi:n] də deyilir. Mənası isə: “Allahım, qəbul et!” deməkdir. Buna dəlil isə İmam Əhməd, Əbu Davud və ət-Tirmizinin Vail ibn Hucrdan rəvayət etdikləri bu hədisdir. Hədisdə Vail ibn Hucr (Allah ondan razı olsun) deyir: “Peyğəmbərin “Ğeyril məğdubi aleyhim Valaddaalliin” (qəzəbə uğramışların və azmışların yoluna deyil!) oxuduqdan sonra səsini qaldıraraq “Əmin” dediyini eşitdim”. (ət-Tirmizi, 248-249. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 845) ət-Tirmizi hədisi həsən adlandırmış və demişdir: “Həmçinin hədis Əli, İbn Məsud və başqalarından da rəvayət olunub”.
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə isə deyilir: “Peyğəmbər “Ğeyril məğdubi aleyhim Valaddaaliin” (qəzəbə uğramışların və azmışların yoluna deyil!) ayəsini oxuduqdan sonra “Əmin” deyərdi. Səsini yaxınlığındakı birinci sırada duranlar eşidirdi“. (Əbu Davud, 934. Hədis zəifdir. Bax: Daif əl-Cami, 4366) Hədisi Əbu Davud, İbn Məcə və əd-Daruqutni rəvayət etmişlər. Əbu Davud və İbn Məcə “səsdən məscid titrəyərdi” əlavəsini etmişlər. (Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 952) əd-Daruqutni “Bu, həsən isnaddır” demişdir. 
Bizim (Şafii) məzhəbin mənsubları və qeyriləri demişlər: “əl-Fatihə” surəsindən sonra “Əmin” demək namazın xaricində olanlar üçün müstəhəbdir, namaz içində olanlar üçün isə “təkid olunmuş sünnədir”. (Təkid olunmuş sünnə – Peyğəmbərin daim etdiyi və nadir hallarda tərk etdiyi sünnə əməllərdir) Fərq etməz, istər tək qılsın, istər namazda imam olsun, istərsə də imam arxasında olsun. Dəlil isə iki “Səhih” əsərdə (əl-Buxari və Muslimdə) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən hədisdir. Hədisdə Peyğəmbər demişdir: “İmam “Əmin” deyəndə siz də ”Əmin” deyin! Bilin ki, kimin “Əmin” deməsi mələklərin “Əmin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”. (əl-Buxari, 738, 780) Muslimdə gələn hədisdə isə Peyğəmbər demişdir: “Sizdən biri namazda “Əmin” deməsi mələklərin səmada “Əmin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”. (Muslim, 618, 942) Səhih Muslimdə Əbu Musadan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər demişdir: “İmam namazda “Valad-daalliin” dedikdən sonra siz “Əmin” deyin. Allah duanızı qəbul edər”. (Muslim, 612)
Maliki məzhəbinin mənsubları demişlər: “İmam, “amin” deməməlidir, yalnız imama tabe olanlar “amin” deməlidirlər”. İmam Malikin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Elçisi belə demişdir: “İmam “Valad-daalliin” deyərsə, siz “Əmin” deyin!” Maliki məzhəbinin mənsubları, həmçinin əvvəl qeyd etdiyimiz əl-Buxari və Muslimdə gələn Əbu Musanın “İmam “Əmin” dedikdə siz də “Əmin” deyin” hədisinə də istinad etmişlər. Hədisdən görünür ki, Peyğəmbər “Ğeyril məğdubi aleyhim Vələddaallain” (qəzəbə uğramışların və azmışların yoluna deyil!) ayəsini oxuduqdan sonra “Əmin” deyərdi. (Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayət etdiyi hədis əl-Muvatta kitabındadır (səh. 87). Əbu Musanın (Allah ondan razı olsun) hədisi isə az öncə keçdi. Əslində, hədisdə Malikilərin dediyinə dəlil yoxdur. Bu yalnız danışığı ixtisar etməkdir. İmam Malik özü əl-Muvatta kitabında bu hədisdən əvvəl Əbu Hureyranın (Allah ondan razı olsun) ötən hədisini rəvayət etmişdir: “İmam “Əmin” dedikdə siz də “Əmin” deyin”. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hər iki hədisin sözlərində az müxtəliflik olsa belə, mənaları eynidir.)
Bizim (Şafii) məzhəbin mənsubları imamla namaz qılanın səsli namazlarda “Əmin” sözünün səslə, yoxsa səssiz deyilməsində fikir ayrılığına düşmüşlər. İxtilafın xülasəsi belədir: “Əgər imam “Əmin” deməyi unudarsa, yekdil rəyə görə, imamın arxasında duran “Əmin” sözünü səslə deyir. Əgər imam səslə “Əmin” deyərsə, Şafii məzhəbinin yeni (İmam Şafiinin yeni rəyi dedikdə İraqdan Misirə səfər etdikdən sonra olan rəyləridir. Bundan əvvəlki rəyi isə “köhnə rəy” adlanır) rəyinə görə, imamın arxasında duran “Əmin” sözünü səssiz deyir. Bu həm Əbu Hənifənin rəyi, həm də İmam Malikdən rəvayət olunan rəylərdən biridir, çünki onlara görə “Əmin” bir zikrdir və namazdakı digər zikrlər kimi, o da uca səslə deyilməz. Şafiinin köhnə rəyinə görə isə imamın arxasında duran “Əmin” sözünü səslə deyir. Bu həm İmam Əhməd ibn Hənbəlin rəyi, həm də İmam Malikdən gələn başqa bir rəvayətdir. Dəlil isə əvvəl qeyd olunan hədisdir: “(Əmin) səsindən məscid titrəyərdi”. Bizim (Şafii məzhəbinin) bu mövzuda üçüncü bir rəyi də var. Bu da “Əgər məscid kiçikdirsə, imamın arxasında duranlar “Əmin” sözünü səslə demir, çünki onlar imamın qiraətini eşidirlər. Əgər məscid böyük olarsa, imamın arxasında duranlar “Əmin” sözünü uca səslə deyərlər ki, məscidin arxa cərgələrində olanlara imamın “Əmin” deməsini çatdırsınlar. Ən doğrusunu Allah bilir.