əl-Bəqərə (İnək) surəsi

    07.09.2026

2. “əl-Bəqərə” surəsinin təfsiri
“əl-Bəqərə” surəsinin fəziləti barədə hədislər

Əhməd, Muslim, ət-Tirmizi və ən-Nəsəi Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurdu: “Evlərinizi qəbiristanlığa çevirməyin. Həqiqətən, “əl-Bəqərə” surəsi oxunan evə şeytan girməz”. (Muslim, 1860; ət-Tirmizi, 2877, 3118; Əhməd, 8902, 8915; əl-Hakim, 2062, 2063; ən-Nəsəi “Sunənul-Kubra” 8015; ət-Tabərani “Mucəmul-Kəbir” 8564). Əbu Ubeyd, Abdullahın, yəni Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Həqiqətən şeytan “əl-Bəqərə” surəsini eşitdiyi evdən qaçar”. Bu əsəri ən-Nəsəi “əl-Yəum vəl-Leylə” kitabında, əl-Hakim “əl-Mustədrək” kitabında rəvayət etmiş və demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (Rəvayət əl-Hakimin “əl-Mustədrək” kitabında (2/259, 260) oxşar mətnlə gəlmişdir. İmam əz-Zəhəbi əsərin səhih olması ilə razılaşmışdır. Hədis zahirən “məvquf” (səhabənin sözü) olsa da, hökm baxımından “mərfu” (Peyğəmbərə ﷺ nisbət olunmuş) sayılır. Çünki bu cür şeylər rəylə bəlli olmur. Həmçinin İbn Mərdəveyh və ən-Nəsəi “əl-Yəum və əl-Leylə” kitabında İbn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ nisbət olunaraq geniş formada rəvayət etmişdir. Necə ki əl-Hafiz İbn Kəsir sonrakı rəvayətdə qeyd etmişdir. Hədisin isnadı onlara görə səhihdir. Əvvəl qeyd olunmuş Əbu Hureyranın (Allah ondan razı olsun) hədisi də səhih olması rəyini gücləndirir). Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “Həqiqətən, hər bir şeyin zirvəsi var. Quranın zirvəsi də “əl-Bəqərə” surəsidir. Kim bu surəni evində bir gecə oxuyarsa, o evə üç gecə şeytan girməz. Kim bu surəni gündüz oxuyarsa, o evə üç gün şeytan girməz”. (ət-Tabərani “Mucəmul-Kəbir” 5731; Əbu Yəalə “Musnəd” 7554; İbn Hibban, 780. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1933; Silsilə əd-Daifə, 1349). Bu hədisi ət-Tabərani, İbn Hibban öz “əs-Səhih” əsərində  və İbn Mərdəveyh rəvayət etmişlər. (Hədisi əl-Heysəmi “əz-Zəvəid” kitabında (6/311, 312) rəvayət etmiş, sonra demişdir: “ət-Tabərani rəvayət etmişdir. Hədisin isnadında Səid ibn Xalid əl-Xuzai əl-Mədəni var və o zəifdir”. Lakin Səhih İbn Hibban kitabında (2/130, 132. əl-İhsan əlyazması) adı Xalid ibn Səid əl-Muzəni kimi qeyd edilmişdir. əl-Muzəni səhvdir. Düzgün olan əl-Mədənidir. Bu Xalid isə “Lisənul-Mizən” kitabında tərcümeyi-halı yer almış şəxsdir. Müəllif onun rəvayətlərini qeyd edərkən bu hədisə işarə etmiş və bildirmişdir ki, o, ət-Təhzib kitabında tərcümeyi halı keçən Xalid ibn Səid ibn Əbu Məryəm ət-Teymi əl-Mədəni İbn Əclənin azad etdiyi kölədir), “siqa” (insaflı, ədalətli və rəvayətində dəqiq) ravidir. İbn Hibban onu “əs-Siqat” (İnsaflı, ədalətli və dəqiq ravilər) kitabında zikr etmişdir. Həmçinin onun tərcümeyi-halını əl-Buxari “əl-Kəbir” kitabında (2/1/140) və İbn Əbu Hatim qeyd etmişlər. Lakin barəsində heç bir “cərh” (ədalətinə və düzgünlüyünə xələl gətirən söz) söyləməmişlər).
ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət edirlər: “(Bir zaman) Peyğəmbər ﷺ döyüşə yollamaq üçün çoxsaylı ordu hazırladı. Onlardan Qurandan bildiklərini oxumağı istədi. Onların hər birini ayrılıqda dinlədi. Növbə aralarında ən az yaşı olan bir gəncə çatdı. Peyğəmbər ﷺ dedi: “Nə bilirsən, ey filankəs?” O dedi: “Mən bunu, bunu və “əl-Bəqərə” surəsini bilirəm. Peyğəmbər ﷺ soruşdu: “əl-Bəqərə” surəsini bilirsən?” Gənc dedi: “Bəli”. Peyğəmbər ﷺ dedi: “Get, sən onların əmirisən”. Dəstənin içində adlı-sanlı bir kişi dedi: “Allaha and olsun ki, mən “əl-Bəqərə” surəsini gecə namazlarında oxuya bilməyəcəyimdən qorxduğum üçün əzbərləmirəm”. Peyğəmbər ﷺ dedi: “Quranı öyrənin və onu oxuyun! Həqiqətən, Quranı öyrənib, oxuyan və onunla gecə namazlarını qılanın məsəli ətri hər yerə yayılan müşklə doldurulmuş torbaya bənzəyir. Quranı öyrənib içində saxlayan və yatıb gecə namazlarında oxumayanın məsəli ağzı bağlanmış müşklə dolu torbaya bənzəyir”. (ən-Nəsəi “Sunənul-Kubra” 8696, 8749; İbn Hibban, 2126, 2578; İbn Xuzeymə, 1509; Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6483; Daif ət-Tərğib vət-Tərhib, 864). Bu, ət-Tirmizinin rəvayətindəki mətndir. Sonra ət-Tirmizi demişdir: “Bu, həsən hədisdir”. Useyd ibn Hudeyrdən (Allah ondan razı olsun) rəvayət edilir ki, (bir dəfə) gecə “əl-Bəqərə” surəsini oxuyurdu, atı da onun yanında yerə bağlanmışdı. Birdən at təşvişə düşüb şahə qalxdı. (Bunu görəndə) Useyd susdu, at da sakitləşdi. Sonra o, oxumağına davam etdi və at yenə təşvişə düşüb şahə qalxdı. O susdu, at da sakitləşdi. Sonra o, yenidən oxumağa başladı və at yenə də həyəcanlanıb şahə qalxdı. Bundan sonra o daha oxumadı. Həmin vaxt (Useydin) oğlu Yəhya atın yaxınlığında idi və o qorxdu ki, at onu tapdalayar. Useyd uşağı yanına çəkdikdən sonra başını göyə qaldırdı, lakin aydın bir şey görə bilmədi. Səhəri gün o bu hadisəni Peyğəmbərə ﷺ danışdı. Peyğəmbər ﷺ (ona): “Oxu, ey ibn Hudeyr! Oxu, ey ibn Hudeyr!”– deyə buyurdu. Useyd dedi: “Ey Allahın elçisi! Yəhya atın yanında idi və mən qorxdum ki, at onu tapdalayar. Odur ki başımı qaldırıb ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də qəndillərə (Asma çıraq) bənzər şeylər gördüm. Sonra onlar yox olub getdilər”. Peyğəmbər ﷺ soruşdu: “Bilirsənmi o nə idi?” Useyd: “Xeyr!”– deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu, mələklər idi, sənin səsinə yaxınlaşmışdılar. Əgər sən oxumağına davam etsəydin, səhər tezdən hamı onları görərdi və onlar insanlardan gizlənməzdilər”. (əl-Buxari, 5018; Muslim, 1895). Hədisi əl-Buxari rəvayət etmişdir. Həmçinin, hədisi Əbu Ubeyd “Fadail əl-Quran” (Quranın fəzilətləri) kitabında rəvayət etmişdir. Eynilə buna oxşar hadisə Səbir ibn Qeys ibn Şəmməsin də başına gəlmişdir. Necə ki Əbu Ubeyd yaxşı sənədlə bunu rəvayət etmişdir, lakin sənədində şəxsiyyəti naməlum ravi var. Həmçinin hədis mursəl isnadla rəvayət olunub. Ən doğrusunu Allah bilir.
 
“əl-Bəqərə” surəsinin “Ali-İmran” surəsi ilə birlikdə fəziləti barədə gələn hədislər
 
İmam Əhməd Bureydənin belə dediyini rəvayət etmişdir: “(Bir dəfə) Peyğəmbərin ﷺ yanında oturmuşdum və onun belə dediyini eşitdim: “əl-Bəqərə” surəsini öyrənin. Həqiqətən, onu oxumaq bərəkət, tərk etmək isə peşmançılıqdır. Sehrbazların ona gücü çatmaz”. Sonra Peyğəmbər ﷺ bir müddət susduqdan sonra dedi: “əl-Bəqərə” və “Ali-İmran” surələrini öyrənin! Həqiqətən, bu iki surə iki çiçəkdir. Bu iki surə Qiyamət günü iki bulud və ya iki kölgə və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib onları oxuyanlara kölgə salacaqdır. Həqiqətən, Qiyamət günü qəbir yarılıb insanlar çıxdıqda Quran öz sahibini rəngi solğun, zəif, əldən düşmüş kişi cildində qarşılayacaq və ona deyəcək: “Məni tanıyırsanmı?” O deyəcək: “Səni tanımıram”. Kişi deyəcək: “Mən səni gecələr yatmağa qoymayan, səhərlər susadan yoldaşın Quranam. Hər tacir qazanc arxasınca düşür. Bu gün isə sənin qazandığın onların qazandıqlarından qat-qat artıq olacaq”. Bu zaman onun sağ əlinə mülk, sol əlinə isə əbədi həyat veriləcək. Başına isə vüqar tacı qoyulacaq. Valideynlərinə dünya əhlinin qiymətləndirə bilməyəcəkləri çox bahalı libas geyindiriləcək. Onlar soruşacaqlar: “Bunu bizə nə üçün geyindirdilər?” Onlara deyiləcək: “Oğlunuzun Quran oxuduğuna görə”. Sonra ona deyiləcək: “Oxu və Cənnətin dərəcələrinə, otaqlarına yüksəl!” O oxuduqca dərəcələrə yüksəlməyə davam edəcək. Fərq etməz, istər tez oxusun, istər aramla”. (Əhməd, 23000, 23338; əd-Dərimi, 3391, 3434. Hədis səhihdir. Şueyb əl-Arnavut, əl-Beyhəqi və digərləri səhih olduğunu bildirmişlər).
Bu hədisin mətninin bəzi hissələrini təsdiqləyən digər hədislər rəvayət olunmuşdur. Bu hədis Əbu Uməmə əl-Bəhilinin (Allah ondan razı olsun) hədisidir. O demişdir: “Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Quran oxuyun! Həqiqətən, Quran Qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhraveyni” (iki nur saçan), yəni “əl-Bəqərə” və “Ali-İmran” surələrini oxuyun! Bu iki surə Qiyamət günü iki bulud və ya iki kölgə və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib onları oxuyanları qoruyacaq”. Sonra dedi: “əl-Bəqərə” surəsini oxuyun! Həqiqətən, onu oxumaq bərəkət, onu tərk etmək isə peşmançılıqdır! Sehrbazların isə ona gücü çatmaz!” (Əhməd, 22213; Muslim, 1337, 1910). Hədisi Əhməd və Muslim rəvayət etmişlər. (Hədis “əl-Musnəd” kitabındadır. (5/249. Hələb çapı). Hədisin isnadında Bişr ibn əl-Muhacir əl-Ğanəvi var. İbn Məin onu ədalətli və etibarlı ravi adlandırmışdır. Muslim onun rəvayət etdiyi hədisi kitabında qeyd etmişdir. Əhməd və başqaları isə onun barəsində yaxşı rəydə olmadıqlarını bildirmişlər. Bu səbəbdən əl-Hafiz ibn Kəsir burada demişdir: “Bu hədisin isnadı həsəndir. Muslimin şərtinə uyğundur”). Hədisdə gələn الزَّهْرَاوَيْنِ [əz-zəhraveyn] “iki nur saçan”, الْغِيَايَة [əl-ğiyəyə] “üst tərəfdən kölgə salan”, الْفِرْقُ [əl-firq] “bir şeyin parçası”, الصَّوَّاف [əs-savvəf] “sıx cərgəli”, الْبَطَلَةُ [əl-bətalətu] isə “sehrbazlar” deməkdir. “Ona gücü çatmaz”- yəni onu əzbərləməyə gücləri çatmaz, və ya Onu oxuyanın daxilinə nüfuz etməyə gücləri çatmaz. Ən doğrusunu Allah bilir.
Həmçinin bu mənada gələn hədislərdən ən-Nəvvas ibn Səman əl-Kiləbinin (Allah ondan razı olsun) hədisidir. O demişdir: “Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Qiyamət günü Quran və ona əməl edən Quran əhli gətiriləcək. “əl-Bəqərə və Ali-İmran surələri onların qarşısında gedəcək”. Sonra Peyğəmbər ﷺ üç misal çəkdi, o vaxtdan onları unutmadım. Peyğəmbər ﷺ dedi: “Sanki onlar (“əl-Bəqərə” və Ali İmran surələri) iki bulud və ya iki sıx kölgə kimi olacaq. Kölgədən kənarda isə işıq və günəş istisi olacaq və ya göydə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib onları oxuyanları qoruyacaq”. (Muslim, 1338, 1912; Əhməd, 17674). Hədisi Əhməd, Muslim və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi “həsən-ğarib” demişdir. (əl-Musnəd (17714) (4/183, Hələb çapı). Hədisdə gələn “əş-Şəraq” sözünün mənası “işıq”, “günəş” deməkdir). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Peyğəmbərin ﷺ bu iki surəni bir rükətdə oxuması rəvayət olunmuşdur.

ذِكْرُ مَا وَرَدَ فِي فَضْلِ السَّبْعِ الطُّوَلِ
Yeddi Uzun surənin (Yeddi uzun surələr – Quranın “əl-Fatihə” surəsindən sonra ilk yeddi surə nəzərdə tutulur) fəziləti barədə gələnlər

 
Əbu Ubeydə Vasilə ibn əl-Əsqadan Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Mənə Tövratın əvəzinə yeddi uzun surə, İncilin əvəzinə isə yüz ayəli surələr, Zəburun əvəzinə isə tez-tez təkrarlanan və yüzdən az ayələri olan surələr verilmişdir. Mən “Qaf” surəsindən Quranın sonuna qədər olan surələrlə digər ümmətlərdən üstün edildim”. (Əhməd, 17023; əl-Beyhəqi, “Şuabul-İman”, 2318. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1059; Silsilə əs-Səhihə, 1480). Bu “ğarib” hədisdir. Əbu Ubeyd bu hədisi Səid ibn Əbi Hiləldən rəvayət etmişdir: “Bizə belə çatıb ki, Peyğəmbər ﷺ demişdir, ...” sonra hədisi qeyd etmişdir. (əl-Hafiz İbn Kəsir hədisi Əbu Ubeydin kitabından bu cür iki isnadla qeyd etmişdir. Bu isnadların hər birində zəiflik vardır. İkinci  hədisin sənədi munqatidir (arakəsmə var), çünki Səid ibn Əbu Hiləl “ətbə tabiindir” (tabiinlərdən sonra gələn nəsildəndir). Birinci rəvayətin sənədində isə Səid ibn Bəşir əl-Əzdi vardır. İbn Kəsir onun barəsində burada “onda zəiflik var” demişdir. Doğru olan isə budur ki, o “siqadır” (etibarlı, ədalətli ravidir). Necə ki bunu ət-Tabarinin hədislərinin təxricində bildirmişik (5439). Lakin hədis başqa bir zəifliyi olmayan isnadla sabitdir. Hədisi ət-Tayəlisi səhih isnadla rəvayət etmişdir (1012). Həmçinin Əhməd (17049) (4/107, Hələb çapı) ət-Tayəlisidən rəvayət etmişdir. Həmçinin ət-Tabəri (126) ət-Tayəlisinin yolu ilə rəvayət etmişdir. ət-Tabərinin kitabında bu barədə ətraflı danışmışıq. Lakin onların rəvayətində belə gəlmişdir: “Zəburun əvəzinə yüz ayəli surələr verilmişdir. İncilin əvəzinə isə tez-tez təkrarlanan və yüzdən az ayələri olan surələr verilib”).  
Əbu Ubeyd Səid ibn Cubeyrdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın: “Biz sənə yeddi təkrarlanan və əzəmətli Quranı verdik” (əl-Hicr, 87) ayəsi barədə demişdir: “Yeddi təkrarlanan”- yeddi uzun surələrdir. Bu surələr “əl-Bəqərə”, Ali-İmran, ən-Nisə, əl-Maidə, əl-Ənam, “əl-Əraf” və Yunus surələridir. Mucahid də belə demişdir: “Bu, yeddi uzun surədir”. Həmçinin Məkhul və başqaları da ayədə yeddi təkrarlananın “yeddi uzun surə” olduğunu demişdir. Surələrin sayında isə Yunus surəsinin yeddinci surə olduğunu bildirmişlər. “əl-Bəqərə” surəsinin hamısı Mədinə ayələridir. Bu barədə alimlər arasında heç bir fikir ayrılığı yoxdur.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, Camaratı (Camarat – Həcc mərasimində Minada daş atılan sütuna deyilir) vadinin içindən daşladı. Elə durdu ki, Kəbə onun sol tərəfində, Mina isə sağ tərəfində qaldı. Sonra dedi: “Bu, Peyğəmbərə ﷺ “əl-Bəqərə” surəsinin nazil edildiyi yerdir”. İbn Mərdəveyh Utbə ibn Fərqad (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ səfərdə səhabələrin geri qaldıqlarını gördü və dedi: “Ey “əl-Bəqərə” surəsinin əhli!” Məncə, bu, Huneyn döyüşündə bəzilərinin dönüb qaçmaq istədikləri vaxt olmuşdur. Peyğəmbər ﷺ Abbasa əmr etdi ki, onlara səslənsin: “Ey Ağac altında beyət edən səhabələr!” – yəni Ridvan beyətində (Hudeybiyədə ağac altında olan beyət Ridvan beyəti adlanır. Hicrətin 6-cı ilində, Zul Qidə ayında Hüdeybiyə adlanan məntəqədə baş tutub. Uca Allah Quranda bu beyətdə iştirak edənləri tərifləyərək buyurur: “Möminlər Hudeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı” (əl-Fəth, 18). Peyğəmbər ﷺ buyurur: “Ağac altında beyət edənlərdən heç kəs Cəhənnəmə girməz”. Əbu Davud, 4653; ət-Tirmizi, 3860) iştirak edənlər. (Əbu Yəalə “Musnəd” 3606; İbn Əbu Şeybə “Musannəf” 34258). Başqa bir rəvayətdə isə: “Ey “əl-Bəqərə” surəsinin səhabələri!” Bununla sanki onları ruhlandırırdı. Bunu eşidən səhabələr hər tərəfdən gəlməyə başladılar”. Həmçinin Yəməmə günü Museylimənin tərəfdaşları ilə döyüşərkən səhabələr Bəni Hənifə qəbiləsinin çoxluğunu görüb qaçdıqda Mühacir və Ənsarlar səslənməyə başladılar: “Ey “əl-Bəqərə” surəsinin səhabələri!” Bundan sonra Allah onlara qələbə verdi. (Səid ibn Mənsur, 2908; İbn Əbu Şeybə “Musannəf” 34257). Allah Peyğəmbərin ﷺ bütün səhabələrindən razı olsun.

əl-Bəqərə, 1
الم
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Əlif, Ləm, Mim.

 
Təfsirçilər bəzi surələrin əvvəlində gələn hərflər barədə fikir ayrılığındadırlar. Bəzilərinə görə, bu hərflər Allahın Öz elmi ilə dərgahında saxladığı elmlərdəndir. Onlar bu hərflərin elmini Allaha həvalə edərək təfsir etməmişlər. Bu rəyi əl-Qurtubi təfsir kitabında Əbu Bəkr, Ömər, Osman, Əli və İbn Məsuddan (Allah ondan razı olsun) nəql etmişdir. Həmçinin əş-Şəbi və əs-Sovri bunu demişlər. İbn Hibban da bu rəyi seçmişdir.
Bir qismi isə bu hərfləri təfsir etmişlər. Ancaq təfsir edənlər arasında da bu hərflərin mənası mövzusunda fikir ayrılığı var.
Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir: “Bu hərflər yalnız surələrin adlarından ibarətdir”. əz-Zəməxşəri təfsir kitabında belə deyir: “Bir çox alimlərin sözləri buna uyğundur. Sibəveyhin də bu rəyi deməsi nəql olunmuşdur. Bu rəyin söykəndiyi dəlil isə əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdir. Hədisdə deyilir: “Peyğəmbər ﷺ Cümə günü Sübh namazında “Əlif, Ləm, Mim” (Səcdə surəsi) ilə “İnsan” surəsini oxudu”. (əl-Buxari, 842, 891; Muslim, 1455, 2071).  
Mucahid demişdir: “Əlif, Ləm, Mim. Ha Mim, Əlif, Ləm, Mim, Sad və Sad” – Allahın Quran surələrini başladığı ilk hərflərdir. Bəzi ərəb dilçiləri demişlər: “Bu hərflər əlifba hərfləridir. Uca Allah bu hərflərin bəzilərini surələrin əvvəlində qeyd etməklə kifayətlənərək, yerdə qalan və iyirmi səkkiz hərfi tamamlayan hərflərin qeyd olunmasına ehtiyac duymamışdı. Necə ki sözgəlişi deyilir: “Oğlum əlif, bə, tə, sə yazır”. Yəni əlifbanın iyirmi səkkiz hərfini yazır. Hərflərin bəzilərini qeyd etməklə hamısını deməyə ehtiyac qalmır. Bunu İbn Cərir nəql etmişdir.
Mən deyirəm (Həm burada, həm də kitabın digər yerlərində İbn Kəsir “Mən deyirəm” deməklə özünü nəzərdə tutur və qeyd olunan məsələyə xüsusi olaraq öz münasibətini bildirir) ki, təkrar olunanları silməklə surələrin əvvəlində gələn hərflərin sayı on dörddür. Bunlar Əlif, Ləm, Mim, Sad, Ra, Kəf, Hə, Yə, Ayn, Ta, Sin, Ha, Qaf, Nun hərfləridir. Bu hərflərin hamısını نص حكيم قاطع له سر [nassa həkim qati ləhu sirr] ifadəsi özündə cəm edir. Bu hərflər ərəb əlifbasındakı hərflərin yarısını təşkil edir.
əz-Zəməxşəri demişdir: “Bu on dörd hərf ərəb hərflərinin növlərinin yarısını təşkil edir. Bu növlər kar və cingiltili, qalın və incə, damaqarxası və açıq, yüksək (zil) və alçaq, qalqalə (Qalqalə hərflər Qaf, Ta, Bə, Cim və Dəl hərfləridir. Bu hərflər sakin (saitsiz) gələrkən xüsusi vurğu ilə deyilir. Dilçilikdə belə hərflərə həmçinin “partlayan samitlər” də deyilir) hərflərdir”. Onları müfəssəl şəkildə sıraladıqdan sonra demişdir: “Hikməti hər şeydə dəqiq olan Allah Pak və Müqəddəsdir. Surələrin əvvəlində gələn hərflər qeyd etdiyimiz növlərin əksəriyyətini əhatə etmişdir. Bildiyimiz kimi, bir şeyin əksəriyyəti onun hamısı kimi götürülür. Burada bəzi alimlər bir məqamı nəzərdən keçirib demişlər: “Şəkk yoxdur ki, bu hərfləri Uca Allah boş və mənasız yerə nazil etməmişdir. Bəzi cahillər: “Quranda elə şeylər var ki, oxunuşu sırf ibadət məqsədi daşıyır, özü isə bir məna daşımır”, – deməsi ilə çox böyük bir səhvə yol vermişlər. Bununla aydın olur ki, Quranda olan hər şeyin bir mənası var. Bu barədə məsum Peyğəmbərdən ﷺ bir şey biliriksə, deyirik. Əks təqdirdə bilmədiyimiz yerdə dururuq və deyirik: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir” (“Ali-İmran”, 7). Alimlər bu hərflər barədə konkret bir fikir üzərində ittifaq etməmişlər. Fikir ayrılığına düşmüşlər. Bu rəylərdən hansı biri dəlilə söykənirsə, ona tabe olmaq lazımdır. Əks halda məsələ aydın olana qədər dayanmaq daha yaxşıdır. Bu, məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi isə bu hərflərin mənalarını nəzərə almadan, surələrin əvvəlində gəlməsinin hikməti nədir? Bəzi alimlər demişlər: “Müşriklərin diqqətini cəlb etmək və bunu dinləmələri üçün surələr bu hərflərlə başlamışdır, çünki müşriklər bir-birinə Qurandan üz döndərməyi tövsiyə edirdilər. Bu hərfləri eşitdikdə isə onlardan ibarət olan ayələri dinləyə bilərdilər”. Bu rəyi İbn Cərir rəvayət etmişdir. Zəif rəydir, çünki əgər belə olsaydı, o zaman bəzi surələrdə deyil, bütün surələrin əvvəlində olardı. Halbuki Quranın surələrinin əksəriyyətində (bu hərflər) yoxdur. Həmçinin əgər belə olsaydı, müşriklərlə söhbət edərkən də bu hərflərlə başlamaq lazım gələrdi. İstər surə olsun, istər başqa şey. Habelə bu hərflərlə başlayan “əl-Bəqərə” və “Ali-İmran” surələri Mədinə surələrindəndir. Bu surələrdə müşriklərə xitab nəzərdə tutulmayıb. (Çünki, müşriklərə xitab olunan surələr hicrətdən əvvəl nazil olan Məkkə surələridir). Bununla da dediklərinin əsassız olduğu bəlli olur.
Digər alimlər demişlər: “Bu hərflərin surələrin əvvəlində zikr edilməsinin hikməti Quranın ecazkarlığını bildirmək, məxluqatın Qurana bənzər ayələri gətirməkdə aciz olduğunu bəyan etməkdir. Baxmayaraq ki Quran insanların öz aralarında danışdıqları bu hərflərin yaratdığı sözlərdən ibarətdir, insanlar ona bənzərini gətirməkdə acizdirlər”. Bu rəy ər-Razi əl-Mubərrid və bir sıra başqa alimlərdən nəql edilmişdir. əl-Qurtubi isə əl-Fərra və Qutrubdan (Əbu Əli Muhəmməd ibn əl-Mustənir ibn Əhməd əl-Bəsri. Hicri təqvimi ilə 206-cı ildə vəfat etmişdir. Sibaveyhin tələbəsi olmuşdur. Ona çox yaxın olduğu üçün və daim onun yanında olduğu üçün Qutrub ləqəbi verilmişdir. Mənası “sadiq köpək” deməkdir) buna oxşar rəyi nəql etmişdir. əz-Zəməxşəri öz “əl-Kəşşəf” kitabında bu rəyi təsdiqləmiş və tam müdafiə etmişdir. Şeyx, İmam, Böyük Alim Əbul-Abbas İbn Teymiyyə və şeyximiz əl-Hafiz Əbul-Həccəc əl-Mizzi bu rəyi seçmişlər. Mənə bu rəyi İbn Teymiyyə nəql etmişdir. əz-Zəməxşəri demişdir: “Diqqət etsək, görərik ki, bu hərflər Quranın əvvəlində toplam şəkildə gəlməmişdir. Müxtəlif yerlərdə təkrarlanaraq gəlmişdir ki, insanların buna oxşar ayələri gətirə bilməyəcəkləri ilə onlara meydan oxusun. Necə ki bir çox hekayətlər və Allahın qullarına meydan oxuması Quranda bir çox yerlərdə təkrarlanmışdır. Bu hərflərin bəziləri ص  “Sad”, ن  “Nun”, ق  “Qaf” kimi bir hərf olduğu halda, bəziləri حم  “Ha, Mim” kimi iki hərf, bəziləri isə الـم  “Əlif, Ləm, Mim” kimi üç hərf olaraq gəlmişdir. Bəzən الـمـر  “Əlif, Ləm, Mim, Ra” və الـمـص  “Əlif, Ləm, Mim, Sad” kimi dörd hərf olaraq, bəzən də كهيعص  “Kəf, Hə, Yə, Ayn, Sad” və ya عسق  حم  “Ha, Mim, Ayn, Sin, Qaf” kimi beş hərf olaraq gəlmişdir. Hərflərin bu qaydada düzülməsinə səbəb budur ki, ərəblərin danışıqları buna uyğundur. Bəzi sözlər bir hərfli, bəziləri iki, bəziləri üç, bəziləri dörd, bəziləri isə beş hərflidir. Ərəb dilində bundan daha çox köklü söz olmur.
Buna görə diqqət etsək, görərik ki, hərflərlə başlayan surələrdə hərflərdən sonra mütləq Quranın adı çəkilən və onun ecazkarlığına və əzəmətinə dəlalət edən ayə gəlir. Quranı oxumaqla buna şahid olmaq olar. Bu iyirmi doqquz surədə belə yazılıb. Uca Allah buyurur: “Əlif, Ləm, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”. (“əl-Bəqərə”, 1-2); “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi” (“Ali-İmran”, 1–3); “Əlif. Ləm. Mim. Sad. Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın” (“əl-Əraf”, 1-2); “Əlif, Ləm, Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır” (“İbrahim”, 1); “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir” (“əs-Səcdə”, 1-2); “Ha. Mim. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır” (“əl-Fussilat”, 1–3); “Ha. Mim. Ayn. Sin. Qaf. Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir” (“əş-Şura”, 1–3). Bu və buna oxşar bir çox surələr vardır ki, diqqət edən bu alimlərin rəyinin doğru olduğunu görər. Ən doğrusunu isə Allah bilir.
Bu hərflər vasitəsilə yardımın gəlməsi, hadisələrin, fitnə və müsibətlərin vaxtının bildirilməsini iddia edənlərə gəlincə, bunu deyənlər bilmədikləri bir şeyi iddia etmiş və onlara aid olmayan bir məsələyə baş qoşmuşlar.

əl-Bəqərə, 2
ذَلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ
2. Bu özündə heç bir şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə ذَلِكَ  [zə:likə] işarə əvəzliyi hərfən “O” kimi tərcümə olunsa da, əslində, “Bu” mənasını verir”. Həmçinin Mucahid, İkrimə, Səid ibn Cubeyr də belə demişlər. Ayədə “o” işarə əvəzliyi “bu” mənasındadır. Ərəblər bəzən bu iki işarə əvəzliyindən birini digərinin yerinə işlədirlər. Bu, ərəblərin danışığında məlum olan bir qaydadır. Ayədə “Kitab” dedikdə Quran nəzərdə tutulur. Bu ayədə “Kitab” sözü ilə Tövrat və İncilə işarə olunduğunu deyənlər səhv etmiş və yersiz mübahisə etmişlər. (Belə demək elmi çatmayan bir məsələnin məsuliyyətini daşımaqdan başqa bir şey deyildir) “Şübhə” – şəkk deməkdir. Ayənin mənası belədir: “Quran olan bu Kitabın Allah tərəfindən nazil olunmasında heç bir şəkk yoxdur”. Necə ki Uca Allah “əs-Səcdə” surəsində buyurur: “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir” (“əs-Səcdə”, 1-2). Bəziləri demişlər: “Bu ayə nəqli cümlə olsa da, qadağa mənasındadır, yəni “Bunda şəkk etməyin!”
Bəzi Quran qiraətçiləri لَا رَيْبَ  [lə: raybə] “qətiyyən şübhə doğurmayan” ifadəsindən sonra fasilə verirlər. Sonra isə فِيهِ هُدًى لِلْمُتَّقِين  [fi:hi hudəl-lilmuttəqi:n] “Onda müttəqilərə doğru yol vardır” cümləsini oxuyurlar, lakin لَا رَيْبَ فِيهِ  [lə: raybə fi:hi] “Özündə heç bir şübhə doğurmayan” ifadəsindən sonra fasilə verməklə oxumaq daha doğrudur. Qeyd etdiyimiz əs-Səcdə surəsinin ayəsi də buna dəlalət edir, çünki belə olsa, هُدًى  [hudən] “doğru yol göstərən” Quranın vəsfi olur. Belə olması bəlağət baxımından فِيهِ هُدًى  [fi:hi hudən] “Onda (müttəqilərə) doğru yol vardır” ifadəsindən daha dolğundur. Ərəb dilinin qrammatikası baxımından isə هُدًى  [hudən] “doğru yol göstərən” sözü sifət kimi “mərfu” (adlıq halda) və ya hal (tərzi-hərəkət zərfliyi) kimi “mənsub” (təsirlik halda) ola bilər.
Ayədə hidayət “müttəqilərə” xas edilmişdir. Necə ki Uca Allah buyurur: “Əgər Biz onu (ərəblər üçün) yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar” (“Fussilət”, 44). “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (əl-İsra, 82). Bu və bunlara oxşar bir çox ayələr var ki, Qurandan faydalanmanın  möminlərə xas olmasına dəlalət edir, çünki Quran özü hidayətdir. Lakin ona yalnız yaxşılar nail ola bilərlər. Necə ki Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir” (Yunus, 57). Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) “Müttəqilər” barədə demişdir: “Onlar Allahdan və Onun əzabından qorxaraq öyrəndikləri doğru yola (hidayətə) əməl edən və Allahın Rəhmətinə ümid bəsləyərək Onun nazil etdiklərini təsdiq edənlərdir”. Qatədə isə demişdir: “Müttəqilər, Uca Allahın bu ayələrdə “O kəslər ki qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. O kəslər ki sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (“əl-Bəqərə”, 2-3) vəsf etdiyi kimsələrdir”. İbn Cərir isə ayənin bu deyilənlərin hamısını əhatə etməsi rəyini seçmişdir. Doğru olan da onun dediyidir. ət-Tirmizi və İbn Məcə Atiyyə əs-Sədidən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ buyurur: “Qul haram olmayan bir şeyi harama düşməkdən qorxduğu üçün tərk etməyincə müttəqi dərəcəsinə çatmaz”. (ət-Tirmizi, 2451; İbn Məca, 4215. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6320). ət-Tirmizi hədisə həsən-ğarib demişdir.
“Doğru yol” deyildikdə qəlbdə qərar tutan iman nəzərdə tutulur. Bunu isə qulların qəlbində yalnız Uca Allah yaratmağa Qadirdir. Uca Allah buyurur: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən” (“əl-Qasas”, 56); “Onların doğru yola gəlməsi sənə aid deyildir” (“əl-Bəqərə”, 272); “Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz” (“əl-Əraf”, 186); “Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən” (“əl-Kəhf”, 17). Bu və bu kimi digər ayələr də buna dəlalət edir. Həmçinin “doğru yol” dedikdə haqqı bəyan etmək, açıqlamaq, haqqa yönəltmək və yol göstərmək nəzərdə tutulur. Uca Allah buyurur: “Həqiqətən, sən onları doğru yola yönəldirsən” (“əş-Şura”, 52); “Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni var” (“ər-Rad”, 7); “Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular” (“Fussilət”, 17). “Onu iki yoxuşlu yola yönəltmədikmi?” (“əl-Bələd”, 10). Alimlərin rəyinə əsasən, bu iki yol – xeyir və şər yoludur. Üstün olan rəy də belədir. Allah ən doğrusunu Biləndir. “Təqva” sözünün əsli “xoşa gəlməyən şeylərdən çəkinmək” deməkdir, çünki əsli ərəbcə وَقْوَى [vaqva] – “qorunmaq” sözündəndir.

əl-Bəqərə, 3
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
3. O kəslər ki qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.

 
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “İman gətirmək təsdiq etməkdir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “İman gətirir”, yəni təsdiq edirlər, inanırlar”. əz-Zuhri demişdir: “İman əməl etməkdir”. Əbu Cəfər ər-Razi ər-Rabi ibn Ənəsdən rəvayət edərək demişdir: “İman gətirir” – yəni Allahdan qorxurlar”.
İbn Cərir və başqaları demişlər: “Ən yaxşı belə demək olardı ki, onlar həm sözdə, həm etiqadda, həm də əməldə qeybə iman gətirmişlər. Dillə deyilən sözü əməldə təsdiq etmək mənasına gələn imana Allahdan qorxu da daxildir. İman Allahı, Onun kitablarını və peyğəmbərlərini təsdiq etmək və bu təsdiqi əməllə göstərməyi özündə cəm edən bir kəlmədir”.
Mən deyirəm ki, lüğəti mənada iman sözü yalnız “təsdiq etmək”, “inanmaq” mənasında işlənir. Bəzən Quranda da bu mənada gəlir. Necə ki Uca Allah buyurur: “O, Allaha iman gətirir, möminlərə də inanır” (ət-Tövbə, 61). Həmçinin Yusufun qardaşlarının atalarına dedikləri kimi: “Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən” (Yusuf, 17). Həmçinin Quranda əməllə yanaşı işləndikdə də bu mənanı verir. Necə ki Uca Allah buyurur: “İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla!” (əl-İnşiqaq, 25; ət-Tin, 6). İman sözünün ümumi olaraq işlənməsinə gəlincə, şəriətin tələb etdiyi iman yalnız etiqad, söz və əməllə olur. İmamların əksəriyyəti bu rəydədirlər. Hətta əş-Şafii, Əhməd ibn Hənbəl, Əbu Ubeyd və başqaları imanın söz və əməli əhatə edib, artan və azalan olmasında icma (yekdil rəy) olduğunu nəql etmişlər. Bu barədə sələflərdən bir çox əsər və hədislər gəlmişdir. Təfsir alimlərindən bəziləri imanı – Allah qorxusu kimi təfsir etmişlər. Uca Allah buyurur: “Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat var” (əl-Mulk, 12). “(Vəd edilən Cənnət) Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür” (Qaf, 33). Çünki Allah qorxusu iman və elmin nəticəsidir. Uca Allah buyurur: “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar” (Fatir, 28). Bəzi alimlər demişlər: “Ayənin mənası – Onlar Allaha aşkarda iman gətirdikləri kimi, gizlində də iman gətirirlər. Onlar Uca Allahın münafiqlər barəsində buyurduğu kimi deyillər: “Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik, biz möminlərə ancaq istehza edirik!” – deyirlər” (“əl-Bəqərə”, 14); “Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar” (əl-Munafiqun, 1). Bu mənada [bil-ğaybi]  “qeybə” sözü ayədə “hal” (tərzi-hərəkət zərfliyi) olur. Yəni onlar insanların yanında olmadıqları halda da iman gətirərlər.
Ayədə gələn “qeyb” sözünün mənasına gəlincə, sələf alimlərinin bu barədə sözləri müxtəlifdir. Bu deyilənlərin hamısı doğrudur və hamısı ayədə nəzərdə tutulmuşdur. Əbul-Aliyə demişdir: “Qeybə iman gətirir” – yəni Allaha, mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, Cənnət və Cəhənnəminə və Onunla görüşəcəyinə iman gətirərlər. Həmçinin ölümdən sonrakı həyata və dirilməyə iman gətirərlər. Bunların hamısı qeybdir. Qatədə də belə söyləmişdir. İbn Abbasdan (Allah ondan razı olsun) onun belə dediyi rəvayət olunmuşdur: “...qeybə iman gətirir” – yəni Allahdan gələnlərə iman gətirərlər”. Zirr (Əbu Məryəm Zirr ibn Hubeyş əl-Əsədi (hicri təqvimi ilə 81-ci ildə vəfat etmişdir). Böyük tabiinlərdən sayılır. Cahiliyyə dövrünü yaşamış, lakin Peyğəmbəri ﷺ görməmişdir. Peyğəmbərin ﷺ bir çox səhabələrini görmüşdür). demişdir: “Qeyb – Qurandır”. Əta ibn Rabəh demişdir: “Allaha iman gətirən qeybə iman gətirmişdir”. Zeyd ibn Əsləm demişdir: “Qeybə” – yəni qəza və qədərə”. Bütün bunlar bir-birinə yaxın və eynimənalıdır, çünki bu söylənilənlərin hamısı iman gətirilməsi vacib olan qeybdən sayılır.
Abdur-Rahmən ibn Yəzid demişdir: “Bir dəfə Abdullah ibn Məsudun yanında oturmuşduq və biz orada Peyğəmbərin ﷺ səhabələrindən və onların xeyirxah işlərdə öndə getməklərindən danışırdıq. Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: “Həqiqətən, Muhəmmədin ﷺ peyğəmbər olması onu görən üçün aydın idi. Özündən başqa haqq məbud olmayan Allaha and olsun ki, Peyğəmbəri ﷺ görmədən iman gətirənin imanından daha üstün iman yoxdur”. Sonra bu ayəni oxudu: “Əlif Ləm Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki qeybə iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır” (“əl-Bəqərə”, 1–5) sözünə qədər oxudu”. (Səid ibn Mənsur, 180; əl-Hakim, 3033). Bu hədisi Səid ibn Mənsur, Əbu Hatim, İbn Mərdəveyh və əl-Hakim rəvayət etmişlər. əl-Hakim demişdir: “Bu hədis əl-Buxari və Muslimin şərtinə müvafiqdir, lakin kitablarında rəvayət etməmişlər”. (əl-Mustədrək (2/260). Əhməd bu hədisin mənasında olan Əbu Cumadan rəvayət edilən başqa bir hədisi qeyd etmişdir. Əbu Cuma (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbərlə ﷺ nahar etdik. Əbu Ubeyda ibn əl-Cərrah da bizimlə idi. O dedi: “Ey Allahın Elçisi, bizdən daha xeyirli kimsə varmı? Səninlə birlikdə iman gətirdik, səninlə birlikdə cihad etdik”. Peyğəmbər ﷺ buyurdu: “Bəli, var. Sizdən sonra gələn qövm, məni görmədikləri halda mənə iman gətirənlərdir”. (Əhməd Şakir demişdir: “Hədis əl-Musnəd kitabında iki isnadla rəvayət edilmişdir (17043, 17044), (4/106, Hələb çapı)”. Əhməd, 16977 , 17018, 17102; ət-Tabərani “Mucəmul-Kəbir” 3457; əd-Dərimi “Sunən” 2744, 2786. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 6282). Hədisi İbn Mərdəveyh daha uzun mətnlə rəvayət etmişdir. Hədisin sonunda Peyğəmbər ﷺ dedi: “Sizə iman gətirməyə nə mane ola bilər ki? Allahın Elçisi aranızda və sizə səmadan vəhy gətirir. Sizdən sonra elə qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək, ona iman gətirib, içindəkilərə əməl edəcəklər. Onlar savab baxımından sizdən daha üstündürlər (bunu iki dəfə təkrarladı)”. (Əhməd Şakir demişdir: “Bu uzun rəvayətə əl-Hafiz ibn Həcər “əl-İsabə” kitabında (7/32) Əbu Cuma əl-Ənsarinin tərcümeyi-halında işarə etmişdir. Sonra qeyd etmişdir ki, “hədisi Əhməd, əd-Dərimi rəvayət edib və əl-Hakim səhih olduğunu bildirmişdir”. ət-Tabərani “Mucəmul-Kəbir” 3460, “Musnəduş-Şəmiyyin” 2066; əl-Buxari “Xalqu Əfalul-İbəd” 388. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3310). (Bu hədis dəlildir ki, hər hansı bir alimin tapılmış hədis kitabında yazılanlara əməl etmək olar). Halbuki bu məsələdə hədis alimləri arasında fikir ayrılığı var. Bu məsələni Səhih əl-Buxarinin şərhinin əvvəlində göstərmişəm. Çünki hədisdə Peyğəmbər ﷺ onları tərifləmiş və qeyd etmişdir ki, onlar ümumən deyil, məhz bu baxımdan digərlərindən daha çox savab qazanırlar.

...وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
“...namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər”

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Namaz qılmaq – namazın rükusunu, səcdəsini, Quran tilavətini tam yerinə yetirmək, namazı xuşu (Tiybi demişdir: “Namazda xuşu deyildikdə, gözləri ancaq səcdə yerinə zilləyərək, fikri-zikri cəm edib başqa heç bir şey haqqında düşünmədən qorxa-qorxa namaz qılmaq nəzərdə tutulur (ət-Təysir bi Şərhul-Camius-Sağir, 1/ 793) ilə qılmaq və ona yönəlməkdir”. Qatədə demişdir: “Namaz qılmaq – namazın vaxtlarına, dəstəmazına, rükusuna və səcdəsinə riayət etməkdir”. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” ayəsi barədə demişdir: “Yəni mallarının zəkatlarını verərlər”. əd-Dahhək demişdir: “İslamın əvvəlində Allah yolunda xərcləmək Allaha yaxınlaşdıran əməllərdən biri idi. Vacib sədəqələr (zəkat) barədə ayələr nazil olana qədər səhabələr maddi imkanlarından asılı olaraq bu əməllə Allaha yaxınlaşırdılar. Zəkat barədə ayələr dedikdə Tövbə surəsində sədəqələr barədə nazil olan yeddi ayə nəzərdə tutulur. Bu ayələr hökmü ləğv edilməmiş sabit ayələrdir”. Qatədə demişdir: “Allahın sizə verdiyindən Allah yolunda xərcləyin. Ey Adəm oğlu! Bu mal, dövlət sənə borc, əmanət olaraq verilib və tez bir zamanda səndən ayrılacaq”.
İbn Cəririn seçdiyi rəyə görə, ayə ümumidir, həm zəkatı, həm də Allah yolunda xərclənən malları əhatə edir. İbn Cərir deyir: “Şərhlərin ən uyğunu və müttəqilərin sifətinə ən çox layiq olanı budur ki, onlar mallarından üzərlərinə düşən miqdarı ödəyirlər. İstər zəkat olsun, istərsə də ailə, övlad və s. kimi qohumluq səbəbindən sərf edilməsi vacib olan xərclər olsun. Çünki Uca Allah onları ümumi vəsflə tərifləmişdir. Zəkat və Allah yolunda xərclənən digər xərclərin hər biri təriflənən və bəyənilən əməldir”.
Mən deyirəm ki, çox vaxt Quranda Uca Allah namazla Allah yolunda mal xərcləməyi yanaşı qeyd edir, çünki namaz Allahın haqqı və Ona ibadətdir. Namaz özündə Allahı təkləşdirməyi, Ona tərifi, yalvarışı, dua etməyi və təvəkkülü ehtiva edir. Allah yolunda mal xərcləmək isə məxluqata fayda verməklə onlara yaxşılıq etməkdir. Allah yolunda mal sərf etməyə ən layiqli olan insanlar qohumlar, ailə və kölələrdir. Sonra isə kənar insanlar gəlir. Uca Allahın: “Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” ayəsinə həm qulun üzərinə düşən vacib xərclər, həm də zəkat daxildir. Bu səbəbdən əl-Buxari və Muslimin “Səhih” əsərlərində gələn hədisdə İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir. “İslam beş (əsas) üzərində qurulmuşdur; Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etmək”.  Bu mənada hədislər çoxdur. (əl-Buxari, 8; Muslim, 20, 21),
“Namaz” sözü ərəbcə صَلاة  [salət] sözü olub, mənası “dua etmək” deməkdir. Sonra bu söz şəriətdə müəyyən vaxtlarda yerinə yetirilən, rükusu, səcdəsi və xüsusi hərəkətləri olan, müəyyən şərtlərə, sifətlərə və növlərə malik məşhur ibadət üçün işlənmişdir. İbn Cərir demişdir: “Məncə, fərz namazlarının صَلاة “salət” (dua) adlanmasının səbəbi budur ki, namaz qılan şəxs namazda etdiyi əməllərlə Allahın savabını  umaraq Ondan ehtiyaclarını istəyir. Necə ki dua edən kəs öz duası ilə ehtiyaclarını Rəbbindən istəyir. Namaz sözünün əsli barədə digər rəylər də vardır. Lakin “dua” sözündən götürülməsi daha doğru və ən çox məşhur olan rəydir”. Ən doğrusunu Allah bilir.

əl-Bəqərə, 4
وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ
4. O kəslər ki sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “O kəslər ki sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir” ayəsinin mənası, yəni onlar sənin Allahdan gətirdiyini və səndən əvvəl gələn peyğəmbərlərin gətirdikləri şeyləri təsdiq edərlər, Onun elçiləri arasında fərq qoymazlar, Rəbbləri tərəfindən onlara gələnləri inkar etməzlər. Uca Allahın: “Axirətə də yəqinliklə inanırlar” – yəni öldükdən sonra dirilməyə, Qiyamətə, Cənnətə, Cəhənnəmə, hesaba və əməllərin tərəzidə çəkilməsinə inanarlar. Axirət adlanmasının səbəbi isə dünya həyatından sonra gəlməsidir”. Təfsir alimləri ayədə vəsf olunanlar barədə fikir ayrılığındadırlar. Bu ayədə nəzərdə tutulanlar əvvəlki – “O kəslər ki qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” – ayəsində vəsf olunanlardırmı? Yoxsa kimlər nəzərdə tutulur? Bu məsələ ilə bağlı üç rəy var. İbn Cərir bu rəyləri nəql etmişdir:
Birinci rəy. Birinci ayədə vəsf olunanlar ikinci ayədə vəsf olunanlardır. Onlar möminlərdir. Ərəblərdən, Kitab əhlindən və digərlərindən olan möminlər.
İkinci rəy. Hər iki ayədə Kitab əhlindən olan möminlər nəzərdə tutulur. Birinci və ikinci rəylərə əsasən, ayədəki و “vav” bağlayıcısı bir neçə sifəti bir-birinə bağlamış olur. Necə ki Uca Allah buyurur: “Ən Uca Rəbbinin adına təriflər de! O Rəbbin ki hər şeyi yaradıb kamilləşdirdi, O Rəbbin ki hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi, O Rəbbin ki otlağı cücərdib, sonra da qaralmış samana çevirdi” (“əl-Əla”, 1–5).
Üçüncü rəy. İlk ayədə ərəblərdən olan möminlər nəzərdə tutulur. “O kəslər ki sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir” ayəsində isə Kitab əhlinin möminləri vəsf edilmişdir. Bu rəyi İbn Cərir seçmiş və Uca Allahın bu ayələrini dəlil olaraq gətirmişdir: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir” (“Ali-İmran”, 199). “Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” – deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” (“əl-Qasas”, 52–54). Həmçinin dəlil olaraq əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Musadan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisi gətirmişdir. Hədisdə deyilir: “Savabları özlərinə ikiqat verilən üç qisim insan var: Kitab əhlindən olan bir kimsə (əvvəlcə) öz peyğəmbərinə iman gətirər, sonra da mənə iman gətirərsə, ikiqat savab qazanar; Kölə edilmiş bir qul həm Uca Allahın haqqını, həm də ağasının haqqını ödəyərsə, ikiqat savab qazanar; Cariyəyə (Cariyə – keçmiş zamanlarda azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadındır). sahib olan bir adam onun qayğısına qalar və bunu gözəl tərzdə yerinə yetirər, habelə ona tərbiyə verər və bunu gözəl tərzdə yerinə yetirər, sonra da onu azad edib onunla evlənərsə, ikiqat savab qazanar”. (əl-Buxari, 95, 2789, 3011).
İbn Cərir bir uyğunluğu səbəb gətirərək bu ayələri öz dediklərinə dəlil gətirmişdir. Bu uyğunluq odur ki, Uca Allah surənin əvvəlində möminləri və kafirləri vəsf etmişdir. Kafirləri kafir və münafiq olmaqla iki qismə böldüyü kimi, möminləri də ərəb və Kitab əhli olmaqla iki qismə bölmüşdür.
Mən deyirəm ki, üstün olan rəy Mucahidin sözüdür: “əl-Bəqərə” surəsinin ilk dörd ayəsi möminlərin vəsfidir. İki ayəsi isə kafirlərin vəsfidir. On üç ayəsi isə münafiqlərin vəsfidir. Bu ilk dörd ayə isə özündə kitab verilmiş mömin olan hər bir ərəbi və qeyri-ərəbi, cin və insanları əhatə edir. Bu sifətlərdən biri olmadan digəri tamamlanmış sayılmaz. Əksinə, bu sifətlərin hər biri digərini tamamlayır və onunla birlikdə olması şərtdir. Qeybə iman gətirmək, zəkat vermək və namaz qılmaq yalnız Allah Elçisinın ﷺ və ondan əvvəlki peyğəmbərlərin gətirdikləri həqiqətlərə və Axirətə iman gətirməklə düzgün sayılır. Necə ki bu da onlarsız düzgün sayılmaz. Uca Allah möminlərə bunu əmr etmiş və demişdir: “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür” (ən-Nisa, 136). Başqa bir ayədə isə: “İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik” (əl-Ənkəbut, 46); “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi, onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin!” (“ən-Nisa”, 47); “De: “Ey Kitab əhli! Nə qədər ki Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz” (“əl-Maidə”, 68). Uca Allah başqa bir ayədə bütün möminlər barədə xəbər verərək buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (“əl-Bəqərə”, 285); “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir” (“ən-Nisa”, 152). Bu və buna bənzər bir çox ayələr var ki, möminlərə Allaha, peyğəmbərlərinə və kitablarına iman gətirməyi əmr edir. Lakin Kitab əhlindən iman gətirənlərin ayrıca bir xüsusiyyətləri var, çünki onlar əllərində olan kitaba təfsilatı ilə iman gətirmişlər. İslama daxil olduqda isə İslam dininə təfsilatı ilə iman gətirdiklərinə görə onlara ikiqat savab yazılır. Digərləri isə buna yalnız ümumi olaraq iman gətirmişlər. Necə ki “Səhih” əsərində varid olan hədisdə: “Sizə Kitab əhli bir şey söylədikdə onu nə təsdiq edin, nə də təkzib edin. Yalnız: “Biz həm bizə, həm də sizə endirilmiş olana iman gətirdik”, – deyin”. (əl-Bəzzər “əl-Musnəd” 8617; Əhməd, 17225, 17264. Hədis səhihdir. Bax: Silsilə əs-Sahihə, 2800). Lakin ola bilsin ki, Muhəmməd Peyğəmbərin ﷺ gətirdiyi İslama iman gətirən bir çox ərəbin imanı Kitab əhlindən İslama daxil olanların imanından daha tam, daha mükəmməl, daha geniş və daha əhatəli olsun. Bu baxımdan Kitab əhlindən İslama daxil olanlar ikiqat savab qazansalar belə, digərləri təsdiq baxımından onların əldə etdikləri ikiqat savabdan qat-qat çox savab qazana bilərlər. Ən doğrusunu Allah bilir!

əl-Bəqərə, 5
أُولَئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ
5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
 
Uca Allah ayədə “Onlar” deyə buyurur. Yəni, əvvəlki ayələrdə qeyd olunan qeybə iman, namaz qılmaq, Allahın ruzi olaraq verdiyindən Onun yolunda xərcləmək, Peyğəmbərə ﷺ və ondan əvvəlki peyğəmbərlərə nazil olanlara (kitablara) iman gətirmək və Axirət yurduna yəqin inanmaq kimi vəsflərə malik olanlar. Axirətə iman gətirmək saleh əməllər edib, haramlardan çəkinməklə ona hazırlıq görməyi tələb edir. “Doğru yoldadırlar”, yəni Allah tərəfindən bir nur, aydınlıq və bəsirət üzərindədirlər. “Məhz onlar nicat tapanlardır”, yəni dünya və Axirətdə.

əl-Bəqərə, 6
إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
6. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
 
Uca Allah buyurur: “Həqiqətən, kafirləri”, yəni haqqı örtüb gizləyənləri. (“Kafir” sözünün hərfi mənası ərəbcə كفر [kəfəra] “örtmək”, “gizlətmək” sözündən götürülüb. Bu səbəbdən “əkinçi” ərəb dilində “kəfir” (torpaqda dən örtən) adlanır. Kafir olanlar da haqqı örtüb-gizlətdiklərinə görə belə adlanmışlar). Uca Allah onlara kafir olmalarını yazmışdır. Sənin qorxudub-qorxutmamağın onlar üçün eynidir. Hər bir halda onlar sənin gətirdiyinə iman gətirən deyillər. Necə ki Uca Allah buyurur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər” (Yunus, 96-97). Həmçinin Uca Allah Kitab əhlindən inadkarlar barədə buyurur: “Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar” (“əl-Bəqərə”, 145). Yəni Allah kimə bədbəxtlik yazmışsa, onu xoşbəxt edən tapılmaz. Kimi azdırmışsa, onu doğru yola yönəldən tapılmaz. Sən onlara görə özünü üzüb əldən salma. Sən onlara Allahın hökmünü çatdır. Sənin dəvətini qəbul edənlər böyük pay sahibləridir. Səndən üz döndərənlərə görə isə kədərlənmə, bu səni həvəsdən salmasın. “Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (ər-Rəd, 40); “Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır” (Hud, 12); İbn Abbas (Allah ondan razı olsun) “Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər” ayəsi barədə demişdir: “Peyğəmbər ﷺ bütün insanların iman gətirib, doğru yolda ona tabe olmasını hərisliklə istəyirdi. Uca Allah ona xəbər verdi ki, yalnız Allah tərəfindən İlk Kitabda (Lövhi-Məhfuzda) xoşbəxt olması yazılan kəslər iman gətirəcək və yalnız Allah tərəfindən İlk Kitabda (Lövhi-Məhfuzda) bədbəxt olması yazılan kəslər azacaq.
“İman gətirməzlər” ifadəsi qrammatik cəhətdən özündən əvvəl gələn cümlənin mənasını gücləndirir. “Kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur”, yəni hər iki halda kafirdirlər. Bu səbəbdən cümlə “iman gətirməzlər” ifadəsi ilə gücləndirilmişdir. Başqa bir ehtimala görə, “iman gətirməzlər” ifadəsi xəbərdir, çünki cümlənin əsli belədir: “Həqiqətən, kafirlər iman gətirməzlər”. Belə olan təqdirdə “qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur” cümləsi ara cümlə rolunu oynayır. Ən doğrusunu Allah bilir!

əl-Bəqərə, 7
خَتَمَ اللَّهُ عَلَى قُلُوبِهِمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
7. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir Onlar üçün böyük bir əzab vardır.
 
əs-Suddi (Əbu Muhəmməd İsmayıl ibn Abdur-Rahmən əs-Suddi – tabiindir, təfsir elminin imamlarından sayılır. Hicri təqvimi ilə 127-ci ildə vəfat etmişdir). demişdir: “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş”- yəni damğalamışdır”. Qatədə isə bu ayə barədə belə demişdir: “Şeytana itaət etdikləri üçün şeytan onları üstələmişdir. Allah da onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Buna görə onlar doğru yolu görməzlər, haqqı eşitməzlər, anlamazlar və düşünməzlər”. İbn Cərir söyləmişdir: “Bəzi təfsirçilər demişlər: “Uca Allah “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş” ayəsi ilə onların təkəbbürlüklərini və dəvət olunduqları haqqı dinləməkdən üz çevirmələrini bildirmişdir. Necə ki söz dinləməkdən imtina edib, təkəbbürlükdən başa düşmək istəməyən kəsə: “filankəs sözə qulaq asmaqda kardır”, – deyilir”. İbn Cərir demişdir: “Bu təfsir doğru deyil, çünki Allah onların qəlblərini və qulaqlarını möhürləyənin Özü olduğunu bildirmişdir”.
Mən deyirəm ki, İbn Cəririn bu ayənin təfsirində rədd etdiyi rəyi əz-Zəməxşəri şişirdərək ayəni beş formada təfsir etmişdir. Bu təfsirlərin hamısı olduqca zəifdir. əz-Zəməxşərini buna vadar edən onun mötəzili (Mötəzilə əqidəsi Vasil ibn Ətaya nisbət olunan firqədir. Bu firqə Əməvilər sülaləsinin hakimiyyəti zamanı yaranmış, Abbasi xəlifələri dövründə isə inkişaf etmişdir. Bu firqə mənsubları əqli nəqldən (ağılı Quran və hədislərdən) üstün tutmaları ilə seçilmişdir. Azmalarına səbəb də elə bu olmuşdur. Vasil ibn Əta tanınmış alim Həsən əl-Bəsrinin tələbəsi olmuş, onun elmi yığıncaqlarında iştirak edirmiş. Bir dəfə “Böyük günahlar etmiş müsəlmanların etiqad baxımdan durumu" mövzusundakı yığıncaqların birində Vasil ibn Əta Həsən əl-Bəsrinin mövqeyinə qarşı çıxaraq, onun düşüncələri ilə razılaşmamış və böyük günahlar etmiş müsəlmanları mömin saymayaraq, onların imanla imansızlığın arasında olduğunu (əl-Mənzilətu beynəl-mənziləteyn) iddia etmişdir. Bu səbəbdən Həsən əl-Basri onu öz məclisindən qovmuşdur. O da ayrılaraq öz məzhəbini qurmuşdur. “Mötəzilə” sözünün mənası da “ayrılmışlar” deməkdir. Bu firqə mənsubları bir çox əqidə məsələlərində Əhli Sünnə vəl-Cəməa əqidəsinə müxalifdirlər. Mötəzilə əqidəsi Uca Allahın Sifətlərini inkar etməkdir. Onlara görə Sifətləri təsdiq etmək tövhidə ziddir. Vasil ibn Əta demişdir: “Kim Allahın sifətlərindən birini isbat edərsə, artıq iki ilahın olduğunu demiş olar”). əqidəsində olması idi. Çünki onun etiqadına görə, Allahın qullarının qəlblərini möhürləməsi və haqqın ora çatmasına mane olması pis sayılır və Allah bu əməldən ucadır. Əgər əz-Zəməxşəri Uca Allahın: “Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz” (əs-Saff, 5) və “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik” (əl-Ənam, 110) ayələrini və digər buna bənzər ayələri başa düşsəydi, belə deməzdi. Bu ayələr dəlalət edir ki, Uca Allahın onların qəlblərini möhürləməsi və doğru yolla qəlblərinin arasına sədd çəkməsi onların haqqı tərk edib batil işlərində davam etmələrinə görə əməllərinə uyğun bir cəzadır. Bu da Allah tərəfindən ədalət və yaxşılıqdır, qəbahət sayılmır. Əgər bunu elmi ilə əhatə edə bilsəydi, belə deməzdi. Ən doğrusunu isə Allah bilir.
İbn Cərir demişdir: “Mənə görə, bu məsələdə haqq olan Peyğəmbərdən ﷺ səhih olaraq varid olan və buna oxşar bir hədisdir. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Mömin qul bir günah etdikdə qəlbinə qara bir nöqtə qoyular. Əgər tövbə edib günahdan uzaqlaşar və peşman olarsa, qəlbi təmizlənər. Əgər günahları artırsa, qara nöqtələr də artar. Ta ki qəlbini tam bürüyəni üstələyənə qədər. Uca Allahın Quranda buyurduğu “qəlbin bürünməsi” də məhz budur. Uca Allah buyurur: “Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür” (əl-Mutaffifin, 14)”. (ət-Tirmizi, 3334; İbn Məcə, 4244. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1620). ət-Tirmizi bu hədis barədə “həsən-səhih” demişdir. (Hədis bizim təxricimizlə ət-Tabəridə (304) saylı hədisdir. Həmçinin Əhməd (7939) və əl-Hakim (2/517) rəvayət etmişlər. Hədisi əl-Hakim və əz-Zəhəbi səhih adlandırmışlar).  
Sonra İbn Cərir demişdir: “Bu hədisdə Peyğəmbər ﷺ xəbər vermişdir ki, bir-birinin ardınca gələn günahlar qəlbi bağlayır. Günah qəlbi bağladıqdan sonra Allah tərəfindən möhürlənir və damğalanır. Belə olan təqdirdə iman qəlbə girəcək yol tapa bilmədiyi kimi, qəlbi küfrdən qurtaran da tapılmaz. Allahın “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş” ayəsində qeyd etdiyi möhürləmə və damğalama da məhz budur. Gözlə müşahidə etdiyimiz qablara və zərflərə vurulan möhür və damğalar da belədir. Ağzı möhürlü qabın və ya zərfin içində olan bir şeyi əldə etmək üçün mütləq möhürü qırıb, sonra çıxarmaq lazımdır. Həmçinin Allahın qəlblərini və qulaqlarını möhürləməklə vəsf etdiyi kəslərin qəlbinə iman yalnız bu möhürü söküb, ipini qopardıqdan sonra çata bilər”.
Bil ki, Uca Allahın “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş” ayəsində dayanmaq və “gözlərinə də pərdə çəkmişdir” cümləsini də tam oxumaq lazımdır. Çünki möhür qəlb və qulaqda, pərdə isə gözdə olar. İbn Cureyc deyir: “Möhür qəlb və qulaqda, pərdə isə gözdə olar. Uca Allah buyurur: “Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar” (əş-Şura, 24). Başqa bir ayədə: “Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi” (əl-Casiyə, 23). İbn Cərir demişdir: “Ayədə غشاوةً [ğişə:və] “pərdə” sözünü nasb (təsirlik halda) edənlər, ehtimal ki, feili nəzərdə tuturlar. Yəni “gözlərinə də pərdə çəkmişdir”. Başqa ehtimala görə, onu على سمعهم [alə səm ihim] “qulaqlarını” sözünün qrammatik mövqeyinə aid edərək nasb (təsirlik halda) etmişlər. Uca Allahın bu ayəsində olduğu kimi: “Onları iri qaragözlü hurilər gözləyir” (əl-Vaqiə, 22)”. (Ayədə غشاوةً “pərdə” sözünün nasb (təsirlik halda) gəlməsi “şəz” (müxalif) qiraətdir. ət-Tabəri bu qiraəti rədd etmiş və belə oxumağı icazə verməmişdir. Doğru olan da budur).
Uca Allah surənin əvvəlindəki dörd ayə ilə möminlərin vəsflərini, sonra bu iki ayə ilə kafirlərin halını bildirdikdən sonra üzdə imanı göstərib daxildə küfrü gizlədən münafiqlərin halını bəyan etməyə başlayır. Münafiqlərin halı bir çox insanlara qaranlıq qaldığı üçün Uca Allah onların müxtəlif sifətlərini qeyd etməklə bu barədə geniş danışmışdır. Bu sifətlərin hər biri münafiqliyin əlamətidir. Uca Allah “Tövbə”, “əl-Munafiqun” (Münafiqlər), “ən-Nur” və digər surələrdə onlar barədə ayələr nazil etmişdir. Bu ayələrdə münafiqlərin hallarından və bu halda olanlar onlara bənzər insanlardan çəkinmək üçün münafiqlərin sifətlərini açmışdır. Uca Allah buyurur:

əl-Bəqərə, 8-9
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ * يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”, – deyirlər.
9. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar.

 
Nifaq – xeyri büruzə verib, şəri gizlətməkdir. Onun növləri var:
1.            Etiqadi nifaq. Bu növ nifaq, sahibini əbədi olaraq Cəhənnəmə salır.
2.            Əməli nifaq. Bu növ nifaq ən böyük günahlardan sayılır. Bu barədə Allahın izni ilə yeri gələndə açıqlama veriləcək.
Bu, İbn Cureycin dediyi kimidir: “Münafiqin sözü əməlinə, gizlini aşkarına, daxili xaricinə, zahiri batininə müxalif olur. Münafiqlərin vəsfləri Mədinə surələrində nazil olmuşdur, çünki Məkkədə münafiqlər və münafiqlik yox idi. Əksinə, bir qisim insanlar, həqiqətən iman gətirmiş olduqları halda, özləri də istəmədən küfrü büruzə verirdilər. Peyğəmbər ﷺ Mədinəyə hicrət etdiyi zaman orada ənsarlardan Əus və Xazrəc qəbilələri var idi. Bu qəbilələr cahiliyyə dövründə ərəb müşrikləri kimi bütlərə ibadət edirdilər. Həmçinin Mədinədə Kitab əhlindən ata-babalarının yolu ilə gedən yəhudilər də vardı. Onlar üç qəbilə idilər:
1. Xazrəc qəbiləsinin müttəfiqi olan Bənu Qaynuqa.
2. Bənu Nadir.
3. Əus qəbiləsinin müttəfiqi olan Bənu Qureyza.
Peyğəmbər ﷺ Mədinəyə gəldikdə Əus və Xazrəc qəbilələrindən bir qisim insan İslamı qəbul etdi. Yəhudilərdən isə yalnız Abdullah ibn Sələm (Allah ondan razı olsun) İslamı qəbul etdi. Bu dövrlərdə də hələ nifaq və münafiqlik yox idi, çünki müsəlmanların qorxulacaq bir gücü yox idi. Peyğəmbər ﷺ yəhudilər və Mədinənin ətrafında olan digər ərəb qəbilələri ilə müqavilə bağladı. Böyük Bədir döyüşü baş verdi və Allah Öz kəlməsini üstün edib müsəlmanları və İslamı ucaltdı. Xazrəc qəbiləsindən olan Abdullah ibn Ubeyy ibn Səlul isə o vaxt Mədinədə başçılardan sayılırdı. O, cahiliyyət dövründə Əus və Xazrəc qəbilələrinin ağası olmuşdu. Xazrəc qəbiləsi onu özlərinə hökmdar təyin etmək istəyirdi. Lakin xeyir (İslam) gəldikdə Əus və Xazrəc qəbilələri müsəlman oldular və İslamla maraqlanmaq onları bu fikirdən yayındırdı. Bu səbəbdən onun (Abdullah ibn Ubey ibn Səlulun) ürəyində İslama və müsəlmanlara qarşı bir nifrət və kin hissi qaldı. Bədr döyüşü baş verdikdə isə: “bu iş artıq bitmişdir”, – deyərək üzdə İslama daxil olduğunu göstərdi. Abdullah ibn Ubey ibn Səlul ilə bərabər, onun yolunda və dinində olan bəzi qəbilələr və Kitab əhlindən olan bəzi şəxslər də müsəlman olduqlarını söylədilər. Beləcə o vaxtdan etibarən Mədinə əhalisi və ətrafında olan ərəblər arasında münafiqlik peyda oldu. Mühacirlərə gəlincə, onların arasında heç bir münafiq yox idi, çünki mühacirlərdən heç biri məcburən hicrət etməmişdi. Əksinə, Allah qatındakı Axirət yurdunu umaraq malını, oğul-uşağını, torpağını tərk edib hicrət etmişdilər.
Bunun üçün Uca Allah münafiqlərin sifətləri barədə xəbər verir ki, möminlər onların xarici görünüşlərinə aldanmasınlar. Onlardan ehtiyat etmədikləri üçün böyük bir fitnəyə düşməsinlər. Əslində, kafir olduqları halda onları mömin sanmasınlar. Günahkar və fasiq insanların yaxşı və xeyirli olduqlarını zənn etmək böyük təhlükə doğurur. Uca Allah buyurur: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”, – deyirlər” (“əl-Bəqərə”, 8). Yəni onlar bunu yalnız sözdə deyirlər. Bunun arxasında heç nə yoxdur. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Münafiqlər sənin yanına gəldikləri zaman: Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!"– deyirlər” (əl-Munafiqun, 1). Yəni onlar bunu yalnız sənin yanına gəldikdə deyərlər. Əslində isə belə düşünməzlər. Bu səbəbdən şahidliklərini إِنَّ [innə] və لَ “ləm” ədatları ilə gücləndirmişlər. Həmçinin “Allaha və Axirət gününə inanırıq” deyərkən də bu gücləndirmədən istifadə etmişlər. Həqiqətdə isə belə deyil. Uca Allah “Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar” (“əl-Munafiqun”, 1) və “mömin olmadıqları halda” (“əl-Bəqərə”, 8) ayələri ilə onların şahidliklərinin və xəbərlərinin yalan olduğunu bildirmişdir.
Uca Allah buyurur: “Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar”, yəni imanı izhar edib, küfrü gizlətməklə, cahilliklərindən bununla Allahı aldatdıqlarını və bunun Allah qatında onlara fayda verəcəyini, bəzi müsəlmanların rəğbətini qazandıqları kimi Allahın da rəğbətini qazanacaqlarını zənn edirlər. Uca Allah buyurur: “Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır” (əl-Mucadilə, 18). Uca Allah onların bu iddiasını: “Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar”, – deyərək rədd edir. Bu etdikləri əməllə özlərindən başqasını aldada bilməzlər, amma özləri də bunu hiss etmirlər. Uca Allah bu xüsusda buyurur: “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır” (“ən-Nisa”, 142). Bəzi qarilər “Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar, halbuki yalnız özlərini aldadır və bunu anlamırlar” ayəsində يَخْدَعُون [yəxdəu:nə] “aldadır” sözünü يُخَادِعُونَ [yuxa:diu:nə] kimi oxumuşlar. Lakin hər iki qiraət eyni mənaya qayıdır (“aldadır” mənasını verir).
İbn Cərir demişdir: “Əgər kimsə soruşsa: “Münafiq Allahı və möminləri necə aldada bilər? O yalnız özünü qorumaq üçün dili ilə etiqad etdiyinin əksini söyləyir”, – ona deyilər: “Ərəblər, qorxduğu bir şeydən nicat tapmaq üçün dili ilə içində saxladığının əksini söyləyəni “aldadan” adlandırmışlar. Münafiqin vəziyyəti də belədir. O, ölümdən, əsirlikdən və dünyadakı əzabdan xilas olacağına ümid etdiyi üçün qorunmaq məqsədilə içində saxladığının əksini söyləməklə möminləri və Allahı aldadan adlanır. Münafiq bu əməli ilə hər nə qədər fani dünyada müsəlmanları aldatmış olsa da, əslində, aldanan şəxs elə özüdür. Çünki bu əməl ona müəyyən qədər əmin-amanlıq və sevinc vermiş olsa da, əslində, onu həlaka, əzaba, Allahın qəzəbinə və tab gətirə bilməyəcəyi şiddətli əzabına sürükləmiş olur. Münafiqin özünü aldatması da budur. O bu əməli ilə özünə yaxşılıq etdiyini sanır, halbuki bu əməli onun Axirəti üçün pisdir. Uca Allah: “Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar”, – deməklə mömin qullarına bunu bildirmək istəyir. Münafiqlər küfrləri, şübhə və haqqı yalan saymaları ilə Rəbblərinin qəzəbini qazanmaqla özlərinə pislik etmiş olduqları halda, bunu hiss və dərk etmirlər. Hallarını bilmədən kor-koranə bu vəziyyətdə qalmaqda davam edirlər”.

əl-Bəqərə, 10
فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
10. Onların qəlblərində xəstəlik var və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.

 
“Onların qəlblərində xəstəlik var”, yəni şübhə var. “Allah da onların xəstəliyini artırmışdır”, yəni şübhələrini artırmışdır. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir: “Onların qəlblərində xəstəlik var”, bu, bədəndə olan bir xəstəlik deyil, dində olan xəstəlikdir və onlar münafiqlərdir. Xəstəlik İslamda onların qəlbinə daxil olan şəkdir. “Allah da onların xəstəliyini artırmışdır”, yəni pisliklərini artırmışdır. Sonra bu ayəni oxudu: “İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.  Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər” (“Tövbə”, 124-125), yəni şərlərinin üstünə şər, azğınlıqlarının üstünə azğınlıq gətirir”. Abdur-Rahmənin dediyi doğrudur və bu, Allahın qullarını etdikləri əməlin öz növü ilə cəzalandırmasıdır. Əvvəlki alimlər də bunu söyləmişlər. Bu, Uca Allahın başqa bir ayəsinə bənzəyir: “Doğru yolla gedənlərə gəldikdə isə, Allah onların hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (“Muhəmməd”, 17).
Bəzi qarilər “Yalan söylədiklərinə görə” ayəsində “yalan söyləmək” mənasını verən يَكْذِبُونَ [yəkzibu:nə]  feilini “yalan saymaq” mənasını verən يُكَذِّبُونَ [yukəzzibu:nə] kimi də oxumuşlar. Münafiqlər həm yalan söyləmək, həm də (haqqı) yalan saymaq sifətinə malikdirlər. Onlar yalan danışmaqla bərabər, qeybi yalan sayırdılar. Beləliklə də, hər iki sifəti özlərində cəm edirlər.
əl-Bəqərə, 11-12
وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ * أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَكِنْ لَا يَشْعُرُونَ
11. Onlara: “Yer üzündə fəsad törətməyin!”- deyildiyi zaman: “Biz ki ancaq xeyirxahlıq edənlərik!”- deyirlər.
12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.

 
Fəsad küfr və asiliklər etməkdir. İbn Cərir (Allah ona rəhm etsin) demişdir: “Münafiqlər Rəbblərinə qarşı çıxmaqla, Allahın qadağan etdiyi şeyləri etməklə, Allahın vacib etdiyi əməlləri tərk etməklə, hər kəsin təsdiq edib haqq olduğuna yəqin inanması vacib olan və onsuz əməllərin qəbul olunmayacağı İslam dininə şəkk etməklə fəsad törədirlər. Həmçinin münafiqlər şübhəyə düşməmiş möminləri onlarla eyni fikirdə olmadıqları üçün yalançı hesab etməklə, fürsət tapan kimi Allahı, kitablarını, peyğəmbərlərini yalan sayanları Allah dostlarının əleyhinə qaldırmaqla yer üzündə fəsad törədirlər. Beləcə fəsad törədənlər bu əməlləri ilə yer üzünü islah etdiklərini düşünürlər”.
İbn Cəririn bu söylədikləri gözəldir, çünki yer üzündə fəsad törətmənin yollarından biri də möminlərin kafirləri dost tutmalarıdır. Uca Allah bu xüsusda buyurur: “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər” (əl-Ənfal, 73). Bu ayə ilə Allah möminlərlə kafirlər arasındakı dostluğu kəsir. Başqa bir ayədə buyurur: “Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?” (“ən-Nisa”, 144). Sonrakı ayədə buyurur: “Həqiqətən, münafiqlər odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən” (“ən-Nisa”, 145). Münafiqin zahiri görünüşü möminə bənzədiyi üçün möminləri çaşqınlığa salır. Bu baxımdan münafiq fəsad törətmiş olur, çünki o, həqiqət olmayan sözü ilə möminləri aldatmış və möminlərə qarşı kafirləri dost tutmuşdur. Əgər o əvvəlki (kafir) halında qalsaydı, şəri daha az olardı. Əgər əməllərini ixlasla Allah üçün etsəydi, dediyi sözlə etdiyi əməlləri uyğun olsaydı, bu zaman uğur qazanar və nicat tapardı. Lakin onlar deyərlər: “Biz hər iki toplumu - möminləri də, kafirləri də razı salmaq istəyirik. Həm bunlarla, həm də onlarla razılığa gəlmək istəyirik”. Allah isə buyurur: “Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər”. Bu ayə ilə Uca Allah bildirir ki, islah sayıb etimad etdikləri bu yolun özü birbaşa fəsaddır. Lakin cahil olduqları üçün onun fəsad olduğunu dərk etmirlər.
əl-Bəqərə, 13
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَكِنْ لَا يَعْلَمُونَ
13. Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”- deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.

 
Uca Allah bu ayələrdə münafiqlərə buyurur: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!”- deyildiyi zaman, yəni onlara “insanların Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, öldükdən sonra dirilməyə, Cənnət və Cəhənnəmin haqq olduğuna və digər möminlərə Allah tərəfindən bildirilən şeylərə iman gətirdikləri kimi, siz də iman gətirin, Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinməklə, Allaha və Elçisinə itaət edin”, – deyildikdə: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” deyirlər. Bununla Peyğəmbərin ﷺ səhabələrini nəzərdə tuturlar. Allahın lənəti münafiqlərin üzərinə olsun!
"əs-Sufəhə" السُّفَهَاءُ “Səfehlər” sözü سَفِيهٌ [səfi:h] “səfeh” sözünün cəmidir. Bu cəm forması حَكِيمٌ [həki:m] “hikmətli” sözünün cəmi olan الحُكَمَاءُ [əl-hukəmə] “hikmətlilər” formasındadır. Səfeh – cahil, dardüşüncəli, faydalı və zərərli şeyləri ayırd edə bilməyən insana deyilir. Bu səbəbdən Uca Allah Quranda uşaq və qadınları səfehlər adlandırmışdır. Uca Allah buyurur: “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı səfehlərə (ağılsızlara) verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin” (ən-Nisa, 5). Sələf alimlərinin hamısı burada qadınlar və uşaqların qəsd edildiyini demişlər. Uca Allah onlara cavab verməyi öz üzərinə götürmüş və “Doğrusu, onlar özləri səfehdirlər”, – deməklə səfehliyi onlara xas etmişdir. “Lakin bunu bilmirlər”- yəni tam bir cəhalət içində olduqları üçün öz hallarından xəbərsizdirlər, azğınlıq və cəhalət içində olmalarını bilmirlər. Bu ifadə ilə Uca Allah onların korluğunu və hidayətdən uzaq olmalarını ən bəlağətli bir şəkildə ifadə etmişdir.
əl-Bəqərə, 14-15
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَى شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ * اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
14. Onlar möminlərlə rastlaşdıqda: – “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: – “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!”– deyirlər.
15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.

 
Uca Allah bu ayədə bildirir ki, bu münafiqlər möminlərlə qarşılaşdıqda: “Biz iman gətirdik!” – deyirlər. Yəni möminlərə imanlarını göstərərlər, dostluq və səmimilik nümayiş etdirərlər. Beləcə möminləri aldadarlar, özlərini qorumaq üçün ikiüzlülük və yaltaqlıq edərlər. Məqsədləri isə möminlərin əldə etdikləri qənimət və xeyrə şərik olmaqdır. “Öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə” – yəni geri dönüb şeytanlarının yanına getdikdə.
Ayədəki خَلَوْا [xalauv] “təklikdə qalmaq” feili إِلَى [ilə] önqoşması ilə işləndiyinə görə “dönüb getmək” mənasını da bildirir. Bununla da həm “təklikdə qalmaq” feilinin, həm də nəzərdə tutulan “çıxıb getmək” feilinin mənasını verir. Bəzi təfsir alimləri إِلَى [ilə] önqoşmasının burada مَعَ [məa] “birlikdə” mənasını verdiyini demişlər, lakin birinci rəy daha düzgündür. İbn Cəririn ayə barədə dedikləri də bu mənadadır.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə”- yəni onlara (Allahın Kəlamını) yalan saymağı əmr edən və Peyğəmbərin ﷺ gətirdiklərinə qarşı çıxmağı söyləyən yəhudilərdir”. Mucahid demişdir: “Öz şeytanları (azmış dostları) ilə” – yəni münafiq və müşriklərdən olan yoldaşları ilə. İbn Cərir demişdir: “Şeytan dedikdə həddini aşmış və azğınlaşmış hər şey nəzərdə tutulur”. İnsanlardan və cinlərdən də şeytanlar olur. Uca Allah buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlardan düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər” (“əl-Ənam”, 112). “əl-Musnəd” kitabında olan hədisdə Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “İnsanlardan və cinlərdən ibarət olan şeytanlardan Allaha sığın!” Mən dedim: “Ey Allahın Elçisi, insanlardan da şeytanlar olurmu?” O: “Bəli”, – dedi”. (əl-Musnəd (5/178 Hələb çapı). Uzun hədisdən bir parçadır. ən-Nəsəi (2/319) müxtəsər olaraq rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 21592, 21885. Hədis zəifdir. Şueyb əl-Arnavut hədisin zəif olduğunu bildirmişdir).
Uca Allah buyurur: “Biz sizinləyik”, – deyərlər” – yəni biz sizin inandığınız əqidə üzərindəyik. “Biz möminlərə ancaq istehza edirik!”- yəni biz, sadəcə, onları lağa qoyub, onlarla oynayırıq.
Uca Allah onlara cavab və etdiklərinə qarşılıq olaraq buyurur: “Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər”. Uca Allah bunu onlara Qiyamət günü edəcəyini bu ayələrdə bildirmişdir: “O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”, – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir” (“əl-Hədid”, 13). “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır” (“Ali-İmran”, 178). Bu və buna bənzər ayələrdə deyilənlər Uca Allahın Qiyamət günü ona şərik qoşanlara və münafiqlərə istehzası, ələ salması, məkri və hiyləsidir.
Uca Allah buyurur: “Azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər”, yəni onlara möhlət verər. Onları azğınlıq, təkəbbürlük və çaşqınlıq içində tərk etməklə möhlət verər. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik” (“əl-Ənam”, 110). Tüğyan sözünün mənası bir şeydə həddi aşmaq deməkdir. Necə ki Uca Allah buyurur: “Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq” (“əl-Həqqa”, 11). الْعَمَهُ [əl-aməh] “Sərgərdan gəzmək”- azmaq deməkdir. Deyilir: “Filankəs sərgərdan gəzir”- yəni azmışdır. “Sərgərdan gəzərlər”- yəni azğınlıqlarının və küfrlərinin içində sərgərdan gəzərlər.  Bu küfrün çirkabı və pisliyi onları hər tərəfdən əhatə etmişdir. Bu pisliyin və çirkabın içində çaşqın vəziyyətdə gəzərlər və çıxış üçün bir yol tapa bilməzlər. Çünki Allah qəlblərini möhürləmiş, gözlərini isə hidayət üçün bağlayıb kor etmişdir. Odur ki doğru yolu görməzlər və haqqın yolunu tapa bilməzlər.
əl-Bəqərə, 16
أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
16. Onlar doğru yolun əvəzinə azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.

 
“Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir”- yəni azğınlığı doğru yoldan üstün tutmuşlar. Bu ayə məna baxımından Uca Allahın bu sözünə bənzəyir: “Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular” (“Fussilət”, 17). Təfsirçilərin söylədiklərinin xülasəsi belədir: “Münafiqlər doğru yoldan üz çevirmiş və azğınlığa doğru getmişlər, doğru yol əvəzinə azğınlığı seçmişlər. Uca Allahın: “Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir” ayəsinin mənası da elə budur, yəni azğınlığın əvəzi olaraq doğru yolu vermişlər. Fərq etməz, istər Uca Allah: “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu” (“əl-Munafiqun”, 3) ayəsində buyurduğu kimi, əvvəl iman gətirib sonra küfrə dönmüş olsunlar, istərsə də azğınlığı doğru yoldan üstün tutmuş olsunlar. Necə ki onlardan bir başqa qrupun halı belədir. Münafiqlər növbənövdürlər. Bu səbəbdən Uca Allah buyurur: “Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər”- yəni bu alış-verişdə ticarətləri qazanc gətirməmişdir. “Özləri də doğru yola yönəlmədilər”- yəni etdikləri əməllə doğru yolda deyillər. İbn Cərir və İbn Əbu Hatim Qatədənin bu ayə barədə belə dediyini rəvayət etmişlər: “Allaha and olsun ki, siz onların doğru yoldan çıxıb azğınlığa, camaat olmaqdan çıxıb parçalanmaya, əmin-amanlıqdan çıxıb qorxuya, Sünnədən çıxıb bidətə girdiklərini artıq gördünüz”.
əl-Bəqərə, 17-18
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ * صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
17. Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
18. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.

 
Bu məsəlin mənası budur ki, Uca Allah münafiqlərin doğru yolun əvəzinə azğınlığı satın almalarını, haqqı gördükdən sonra kor olmalarını oda yaxın bir kimsənin vəziyyətinə bənzətmişdir. Od ətrafını işıqlandırdıqca adam bundan faydalanaraq sağında və solunda olanları görər. Bununla da qəlbindəki qorxu gedər. Belə bir halda olarkən birdən od sönər və o, dəhşətli zülmət içində olar. Heç nə görməz və heç bir yol tapa bilməz. Bundan əlavə, üstəlik o həm kardır – heç nə eşitmir, həm laldır – danışa bilmir, həm də kordur – atəş olsa da, heç nə görmür. Bu səbəbdən o daha əvvəl olduğu vəziyyətə dönə bilməyəcək. Həmçinin doğru yolu verib, azğınlığı satın almış, azğınlığı hidayətdən üstün tutmuş münafiqlərin halı da belədir. Bu məsəl onların əvvəl iman gətirməsinə, sonra isə kafir olmasına dəlalət edir. Uca Allah bir çox yerlərdə bu barədə bildirmişdir. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.
Uca Allah bu məsəli “Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar”- çəkərkən, məsəl əsnasında, tək haldan cəm hala keçmişdir. Bu cür keçid daha fəsahətli danışıq və daha bəlağətli cümlə düzümü sayılır. “Allah onların nurunu aparar”, yəni onlara fayda verən nuru aparar, zərər verən yanığı və tüstünü saxlayar. “Zülmətlər içərisində buraxar”, yəni olduqları şəkk, küfr və nifaq halında buraxar. “Heç bir şey görə bilməyəcəkləri”, yəni xeyir yollarını tapa bilməzlər. Bandan başqa, onlar həm “kar” olub xeyri eşitməzlər, həm “lal” olub onlara fayda verəcək sözlər danışmazlar, həm də “kor” olub azğınlıqdadırlar və bəsirətləri bağlıdır. Uca Allah buyurur: “Çünki, əslində, maddi gözlər deyil, kökslərdəki qəlb kor olur” (“əl-Həcc”, 46). Bu səbəbdən əvvəl üzərində olduqları, sonra isə azğınlıq müqabilində satdıqları doğru yola qayıda bilməzlər.
əl-Bəqərə, 19-20
أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ * يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
19. Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.
20. Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla (bu işıqlı yolla) gedirlər, zülmət onları bürüdükdə isə dayanıb-dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə Qadirdir.

 
Bu, Uca Allahın münafiqlərin digər növünü bəyan etmək üçün çəkdiyi növbəti məsəldir. Bu cür münafiqlərə bəzən haqq aşkar olur, bəzən də şübhəyə düşərlər. Qəlbləri şəkk, küfr və tərəddüd içindədir. Ayədə keçən “leysan” sözü göydən enən yağış deməkdir. “Zülmət içində”- münafiqlərin qəlblərində olan şəkk, küfr və nifaq qaranlığıdır. “Göy gurultusu”- qorxudan ürəyi titrədən bir səsdir, çünki şiddətli qorxu və dəhşət içində olmaq münafiqin simasıdır. Uca Allah buyurur: “Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar” (“əl-Munafiqun”, 4). Başqa bir ayədə buyurur: “Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar, yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər” (“Tövbə”, 56-57). “Şimşək” isə bəzən bu münafiqlərin qəlblərində parlayan iman parıltısıdır. Bu səbəbdən Uca Allah buyurur: “...ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır”- yəni onların bu qorxuları özlərinə heç bir fayda verməz, çünki Allah qüdrəti ilə onları hər tərəfdən əhatə etmişdir. Onlar Allahın iradə və istəyi altındadırlar. Necə ki Uca Allah buyurur: “Qoşunlar haqqında əhvalat sənə çatıbmı? Firon və Səmud qoşunlarının? Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar. Allah onları arxadan əhatə etmişdir” (“əl-Buruc”, 17–20).
Sonra Uca Allah buyurur: “Şimşək az qalır ki, onların gözlərini çıxartsın”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni haqqın işığının şiddətindən. “Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla (bu işıqlı yolla) gedirlər, zülmət onları bürüdükdə isə dayanıb-dururlar”- yəni özlərinə imandan bir şey aydın olsa, sevinər və ona tabe olarlar. Bəzən də şübhəyə düşər və bu onların ürəklərini qaraldar və çaşqınlıq içərisində qalarlar. Qiyamət günü insanlara imanlarına görə nur veriləcəyi gün də onların halı bu cür olacaq. Kimisinə bir neçə fərsəx (Fərsəx ölçü vahididir. Bir fərsəx 5760 metrə bərabərdir) məsafəni işıqlandıracaq nur veriləcək. Kimisinə bundan daha çox və ya daha az nur veriləcək. Kiminin nuru bəzən sönər, bəzən yanar və bu səbəblə sırat üzərində bəzən gedər, bəzən dayanar. Kiminin də nuru tamamilə sönər. Xalis münafiqlər də məhz onlardır. Uca Allah onlar barədə belə buyurur: “O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”, – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir” (“əl-Hədid”, 13). Möminlər barəsində isə buyurur: “O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”- deyiləcək. Bu, böyük uğurdur” (“əl-Hədid”, 12). Başqa bir ayədə isə buyurur: “Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. O gün Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacaq. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə Qadirsən!” (“ət-Təhrim”, 8)”.
Bu məsələ dəqiqləşdiyinə görə deyə bilərik ki, insanlar növbənövdür. Bir qisim xalis möminlərdir ki, bunlar “əl-Bəqərə” surəsinin ilk dörd ayəsi ilə vəsf olunmuşlar. Bir qisim əsl kafirlərdir ki, bunlar da daha sonrakı iki ayədə vəsf olunmuşlar. Bir qisim də münafiqlərdir ki, bunlar da öz-özlüyündə iki qisimdir. Bir qisim xalis münafiqlərdir ki, bunlar barədə od qalayanın məsəli çəkilmişdir. Digər qisim də tərəddüd içərisində olan münafiqlərdir ki, bunlara bəzən iman işıltısı görünər, bəzən də itər. Leysana düşənin məsəli məhz bu növ münafiqlər üçün çəkilmişdir. Bunların halı əvvəlkilərin halından daha yüngüldür. Bu məqam bəzi cəhətdən “ən-Nur” surəsində qeyd olunanların məsəlinə bənzəyir. Belə ki qəlbində hidayət və nur olan möminin məsəli içində çıraq olan bir oyuğa bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. Bu, fitrətində iman olan möminin qəlbidir. Bu qəlb hər cür bulanıq və qarışıqdan təmiz olan saf və xalis şəriətdən bəhrələnir. Allahın izni ilə bu barədə yeri gələndə söhbət açacağıq.
Bu ayədən sonra Uca Allah heç bir şeyə əsaslanmayan mürəkkəb cəhalət içində (Mürəkkəb cəhalət – cahil olduğu halda özünü elmli sayan kafirlər). olduqları halda özlərini haqq yolda sayan abid kafirlərə (keşiş və s). misal çəkərək buyurur: “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir” (“ən-Nur”, 39). Daha sonra Uca Allah sadə cəhalət (Sadə cəhalət – cahil olduğu halda özünü elmli saymayan və cahil olduğunu etiraf edən kafirlər). içində olan kafirlərə məsəl çəkərək buyurur: “Yaxud onların əməlləri əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz” (“ən-Nur”, 40). Allah burada kafirləri iki qismə böldü: öz küfrlərinə dəvət edən başçılar və cahil kafirlər. Bu iki qisim kafirləri Uca Allah “əl-Həcc” surəsinin əvvəlində də qeyd edərək buyurur: “İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi olmuş şeytana itaət edir” (“əl-Həcc”, 3). Uca Allah “əl-Vaqiə” surəsinin əvvəlində və sonunda, həmçinin “əl-İnsan” surəsində möminləri iki qismə bölmüşdür: xeyirxah işlərdə öndə gedənlər – onlar Allaha yaxın olanlardır və sağ tərəf sahibləri – onlar itaətkarlardır.
Bu ayələrin toplamının yekunu budur ki, möminlər iki qisimdir: Allaha yaxın olanlar və itaətkarlar. Kafirlər də iki qisimdir: küfrlərinə dəvət edən başçılar və kor-koranə onlara tabe olanlar (təqlidçilər). Həmçinin münafiqlər də iki qisimdir: xalis münafiq və münafiqliyin xislətlərindən birini özündə əks etdirən münafiq. Necə ki əl-Buxari və Muslim öz “Səhih” əsərlərində Abdullah ibn Amrdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Dörd (xislət) var ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti daşımış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər, danışdığı zaman yalan danışar, əhd bağladığı zaman (əhdini) pozar və mübahisə etdiyi zaman haqsızlıq edər”. (ən-Nəsəi, 5023, 5040. Hədis səhih-məvqufdur və Abdullah ibn Məsudun (Allah ondan razı olsun) sözüdür. əl-Buxari və Muslimin “Səhih” kitablarında olan hədis belədir: “Münafiqin əlaməti üçdür: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman (vədinə) xilaf çıxar; ona əmanət verildiyi zaman xəyanət edər” (“əl-Buxari”, 33, 2682, 2485; Muslim, 89-90).  
Alimlər bu hədisi dəlil gətirərək bildirmişlər ki, bir insanda həm iman, həm də nifaqdan bir hissə ola bilər. Bu nifaq ya hədisdə bildirildiyi kimi, əməli, ya da ayədə keçən etiqadi nifaq ola bilər. Sələflərdən bir çoxu və bəzi alimlər bu rəydədirlər. Allahın izni ilə irəlidə bu barədə danışacağıq.
İmam Əhməd Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ buyurur: “Qəlblər dörd cürdür. Birincisi təmiz qəlbdir. Bu qəlb çıraq kimi işıq saçar. İkincisi qapalı, sərt qəlbdir. Bu qəlb örtülüdür və haqqı eşitməz. Üçüncüsü çevrilmiş qəlbdir. Dördüncüsü ikiüzlü qəlbdir. Təmiz qəlbə gəlincə, bu, möminin qəlbidir. Qəlbindəki çıraq iman nurudur. Qapalı, sərt qəlbə gəlincə, bu, kafirin qəlbidir. Çevrilmiş qəlbə gəlincə, bu, münafiqin qəlbidir. Haqqı bilib sonra onu inkar edən ikiüzlü qəlbə gəlincə, bu özündə iman və nifaqı cəm edən qəlbdir. Belə qəlbdə olan imanın məsəli bir bitkiyə bənzəyir. Şirin su onu cücərdər. Nifaqın məsəli isə bir yaraya bənzəyir. İrin və qan onu dərinləşdirir. Bu iki şeydən hansı biri digərindən üstün olsa, qəlbi üstələyər”. (Əhməd, 11128, 11145. Hədis zəifdir. Bax: Sislilə əd-Daifə, 5158). Hədisin sənədi yaxşıdır, həsəndir. (Musnəd, 11146. (3/17, Hələb çapı). Məcməuz-Zəvəid (1/63). Müəllif demişdir: “Hədisi Əhməd, ət-Tabərani “əl-Mucəm əs-Sağir” kitabında rəvayət edib. Hədisin sənədində Leys ibn Əbi Əsləm var”. ət-Tabərinin hədislərini təxric edərkən bu hədisə toxunmuşuq (1497) və bildirmişik ki, hədisin sənədi səhihdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi”, yəni haqqı bildikdən sonra onu tərk etdiklərinə görə. “Şübhəsiz ki, Allah hər şeyə Qadirdir”. İbn Cərir demişdir: “Uca Allah burada Özünü hər şeyə qadir olması ilə vəsf etməsinin səbəbi münafiqləri intiqam almasından və əzabından çəkindirmək üçündür. Bununla Uca Allah onları hər tərəfdən əhatə etdiyini görməkdən və eşitməkdən məhrum etməyə gücünün çatacağını xəbər vermək istəmişdir. “Qadirdir”, yəni Qadir olandır. Necə ki “Bilən”, yəni hər şeyi bilən deməkdir.
əl-Bəqərə, 21-22
يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ * الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ
21. Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə, Allahdan qorxasınız.
22. O sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.

 
Bu ayələrlə Uca Allah üluhiyyətdə (ibadət olunmaqda) təkliyini bəyan etməyə başlayır. Bildirir ki, qullarını yoxdan var etməklə onlara nemət bəxş edən tək Odur. Aşkarda və gizlində olan nemətləri bolluca verən, onlar üçün “yer üzünü döşəmə”, yəni gəzmək üçün rahatlaşdırılmış, möhkəm dağlarla bərkidilmiş beşik kimi yataq edən, “göyü isə tavan edən”, yəni dam (örtük) edən tək Odur. Necə ki başqa ayədə buyurur: “Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər” (“əl-Ənbiya”, 32). Onlar üçün göydən su endirən, yəni müəyyən vaxtlarda möhtac olduqları zaman buludlardan yağış endirən, bu yağışla həm özləri, həm də heyvanları üçün gördükləri növbənöv məhsullardan ruzi yetişdirən tək Odur. Uca Allah Quranda bir çox yerdə bu barədə bildirmişdir. Bu ayəyə bənzər ayələrdən biri də budur: “Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır!” (“Ğafir”, 64). Bu ayənin məzmunu budur ki, yer üzünü yaradan, ona sahib olan və yer üzünün sakinlərini ruziləndirən yalnız Allahdır. Buna görə də tək ibadət olunmağa və şərik qoşulmamağa layiq olan Odur. Bu səbəbdən buyurur: “Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”, yəni Rəbbinizin və sizə ruzi verənin tək Allah olduğunu bildiyiniz halda, sizə nə bir xeyir, nə də bir zərər verə bilən qeyrilərini Allaha tay tutmayın. Artıq bilirsiniz ki, Peyğəmbərin ﷺ sizi Allahı ibadətdə təkləşdirməyə çağırışı haqdır və bunda heç bir şübhə yoxdur. əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət edirlər ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) mən Peyğəmbərdən ﷺ soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” O dedi: “Səni yaradan Allaha (başqa birisini) tay tutmağın!” (əl-Buxari, 4477). Həmçinin Muazın (Allah ondan razı olsun) hədisində Peyğəmbər ﷺ buyurur: “Bilirsənmi Allahın qulları üzərindəki haqqı nədir? Allahın qulları üzərindəki haqqı qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır”. (əl-Buxari, 2856).  
Möminlərin anası Aişənin (Allah ondan razı olsun) anabir qardaşı olan ət-Tufeyl ibn Səxbəra (Allah ondan razı olsun) demişdir: “Bir dəfə yuxumda bir neçə yəhudinin yanına gəlib onlardan: “Siz kimsiniz?”- soruşduğumu gördüm. Onlar dedilər: “Biz yəhudilərik”. Mən dedim: “Siz “Üzeyir Allahın oğludur”, – deməsəydiniz, yaxşı qövm olardınız”. Onlar dedilər: “Siz də “Allah və Muhəmməd istəsə”, – deməsəydiniz, yaxşı qövm olardınız”. Sonra bir neçə xaçpərəstin yanından ötdüm. Onlara dedim: “Siz kimsiniz?” Onlar: “Biz nəsranilərik (xaçpərəstlərik)”, – dedilər. Mən dedim: “Siz “Məsih Allahın oğludur”, – deməsəydiniz, yaxşı qövm olardınız”. Onlar dedilər: “Siz də “Allah və Muhəmməd istəsə”, – deməsəydiniz, yaxşı qövm olardınız”. Səhər açıldıqda bu barədə bəzilərinə danışdım. Sonra Peyğəmbərin ﷺ yanına gəlib ona bu barədə xəbər verdim. O dedi: “Bu barədə kiməsə danışmısanmı?” Mən dedim: “Bəli”. Peyğəmbər ﷺ qalxıb Allaha həmd edib Ona təriflər dedi. Sonra buyurdu: “Sonra isə... Həqiqətən, Tufeyl bir yuxu görmüş, sizdən bəzilərinə bunu danışmışdır. Siz bir söz deyirdiniz və bu səbəbdən mən onu sizə qadağan etmirdim. İndi isə qadağan edirəm və deyirəm: “Allah və Muhəmməd istəsə”, – deməyin! “Tək Allah istəsə”, – deyin!” (Əhməd, 20713, 20970, 23387; İbn Məcə, 2118; Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 137). Hədisi İbn Mərdəveyh rəvayət etmişdir. Həmçinin İbn Məcə da buna bənzər bir hədis rəvayət etmişdir. (Əhməd Şakir (Allah ona rəhm etsin) demişdir: “Hədisi Əhməd “Musnəd” kitabında (5/72, Hələb çapı) rəvayət etmişdir. Sənədi səhihdir. Həmçinin əd-Dərimi (2/295) müxtəsər olaraq rəvayət etmişdir. əl-Buxari “ət-Tərixul-Kəbir” kitabında ət-Tufeylin tərcümeyi-halında bu hədisə işarə etmişdir (2/2/364-365). Həmçinin əl-Mizzi də “Təhzibul-Kəməl” kitabında ət-Tufeylin tərcümeyi-halında rəvayət etmişdir. Bu hekayəti həmçinin Hüzeyfə ibn əl-Yəmən də müxtəsər olaraq rəvayət etmişdir və demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: – Mən yuxuda gördüm ki, ...”. Bu rəvayəti Hüzeyfə ibn əl-Yəməndən Əhməd “Musnəd” kitabında (5/393, Hələb çapı) və İbn Məcə (2118) rəvayət etmişlər. Sonra isə ət-Tufeyl ibn Səxbəradan başqa bir mətnlə rəvayət etmişdir. əl-Busiri “əz-Zəvəid” kitabında ət-Tufeylin hədisi barədə deyir: “Hədisi rəvayət edən ravilər etibarlı və əl-Buxarinin şərtlərinə uyğundur”. Görünən budur ki, Hüzeyfə ya hadisənin şahidi olmuş, ya da onun özündən və ya hadisənin şahidi olmuş başqa birisindən eşitmişdir).
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə bir kişi Peyğəmbərə ﷺ dedi: “Allah və sən istəsən”. Peyğəmbər ﷺ ona dedi: “Məni Allaha tay etdinmi? Tək Allah istəsə de!” Hədisi İbn Mərdaveyh, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. (əl-Buxari “Ədəbul-Mufrad” 783; ən-Nəsəi “Sunən” 5603, 3773; İbn Məcə, 2117;  Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 138, 139). Peyğəmbər ﷺ bununla Tövhidə (Allahı təkləşdirmə) xələl gəlmənin qarşısını almışdır. Ən doğrusunu Allah bilir!
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Allaha tay tutmayın” ayəsində keçən “tay” sözü “şirk” deməkdir. Şirk isə qaranlıq gecədə qara daş üzərində qarışqanın qoyduğu izdən də gizlidir. Bu da kiminsə: “Allaha və sənin canına and içirəm, ey filankəs!”- deməsidir. Həmçinin “Bu it olmasaydı, bizə oğru girərdi” və ya “evdə ördək olmasaydı, evə oğru girərdi” sözü də belədir. Eynilə bir kişinin yoldaşına: “Allah və sən istəsən”, – deməsi də belədir. “Allah və filankəs olmasaydı, bunu edə bilməzdin” kimi ifadələrdə “filankəs” sözünü işlətmə!” Bunların hamısı Allaha şərik qoşmaq sayılır.
Sonra İbn Kəsir bu yerdə uzun bir hədis qeyd etmişdir. İmam Əhməd “Musnəd” kitabında əl-Həris ibn əl-Həris əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Elçisi ﷺ buyurur: “Həqiqətən, Allah Yəhyə ibn Zəkəriyyəyə beş kəlməni əmr etdi. O özü bunlara əməl etməli, İsrail oğullarına da bunlara riayət etməyi əmr etməli idi. O bu işi görməkdə tələsmirdi. Allah İsaya belə vəhy etdi: “Bu əmrləri ya o, ya da sən çatdır!” İsa Yəhyənin yanına gəlib dedi: “Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bunları ya sən, ya da mən onlara çatdırım”. Yəhyə ona dedi: “Ey Ruhullah! Əgər sən bu işdə məni qabaqlasan, əzaba düçar olmağımdan, yaxud da yerə batırılmağımdan qorxuram”. Yəhyə İsrail oğullarını Beytul-Məqdisdə topladı. Məscid adam ilə dolmuşdu. O, hündür yerdə əyləşib Allaha həmd-səna etdikdən sonra dedi: “Allah mənə beş kəlməni əmr etmişdir. Mənə bu əmrlərə əməl etmək və sizə də əmr etmək tapşırığı verildi. Birincisi, Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz. Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir. Adam köləsinə: “İşlə və qazancını mənə ver!”– deyə tapşırıq verir. Köləsi işləyib qazancını öz ağasına deyil, başqasına verir. Sizin hansınız öz köləsinin belə etməsindən razı qalar?! Allah sizi yaradıb və sizə ruzi verib. Elə isə siz də Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın. Həmçinin Allah sizə namaz qılmağı əmr edir. Namaza durduqda üzünüzü çevirməyin, çünki bəndə üzünü çevirmədikcə Uca Allah üzünü bəndəsinə tərəf tutur.
Həmçinin Allah sizə oruc tutmağı əmr edir. Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içindəki müşk ətrinin misalına bənzəyir. Belə ki onların hamısı ətrin iyini hiss edir. Oruc tutanın ağzından gələn qoxu Allah dərgahında müşk-ənbərdən daha xoşdur.
Həmçinin Allah sizə sədəqə verməyi əmr edir. Bunun misalı düşmənə əsir düşmüş bir adamın misalına bənzəyir. Onlar onun əllərini boğazına bağlayıb boynunu vurmaq üçün apararkən o belə deyər: “İstəyirsiniz, mən öz canımın müqabilində sizə mal-dövlət verim?” O, canını xilas etmək üçün malından keçir və sonda özünü xilas edir.
Həmçinin Allah sizə Onu çox zikr etməyi əmr edir. Bunun misalı isə düşmənin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Uca Allahı zikr etdikcə şeytandan qorunmuş olar”. Allah Elçisi ﷺ dedi: “Mən də Allahın əmr etdiyi beş şeyi: camaatla birlikdə olmağı, eşitməyi, itaət etməyi, hicrət və Allah yolunda cihad etməyi sizə əmr edirəm. Kim camaatdan bir qarış ayrılarsa, geri dönənə qədər İslam əhdini boynundan çıxarmış olar. Kim cahiliyyə dövrünün fikirlərinə çağırarsa, oruc tutub, namaz qılıb, özünün müsəlman olduğunu iddia etsə belə, o, Cəhənnəmin odunu olacaqdır. Bir-birinizi, Allahın qullarını adlandırdığı “müsəlman”, “mömin” (adları ilə) çağırın!” (əs-Suyuti “Camiul-Əhədis” 37187; ət-Tayəlisi, 1161, 1257; əl-Beyhəqi “Dəvətul-Kəbir” 12. Hədis səhihdir. Bax: Sahih əl-Cami, 1724). əl-Hafiz İbn Kəsir sonra demişdir: “Bu həsən hədisdir”. Bu hədisdə bizim ayəyə şahidlik edən hissə: “Allah sizi yaradıb və sizə ruzi verib. Elə isə siz də Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın” cümləsidir. (Musnəd, 17236, (4/13, Hələb çapı). Hədisi həmçinin ət-Tayəlisi (1161, 1162), ət-Tirmizi (4/37-38) Muhəmməd ibn İsmayil əl-Buxaridən və ət-Tayəlisidən rəvayət etmişdir və “həsən, səhih və qarib hədisdir” demişdir. əl-Buxari “ət-Tərixul-Kəbir” kitabında (1/2/258-259) əl-Həris əl-Əşarinin tərcümeyi-halında adəti üzrə bu hədisə qısa olaraq işarə etmişdir).
Bu ayə Uca Allahın ibadətdə tək olmasına və Onun heç bir şərikinin olmamasına dəlalət edir. ər-Razi və başqaları kimi bir çox təfsir alimləri bu ayədə Uca Yaradanın mövcud olmasına açıq-aşkar dəlil olduğunu bildirmişlər. Əslində, Yaradanın olması daha çox dəlillərlə sübut olunur. Həqiqətən, yerdə və göydə olan varlıqlara, onların rənglərinin, formalarının, təbiətlərinin, faydalarının müxtəlifliyinə və hər şeyin yerində yaradılmasına diqqət edib düşünən kəs Yaradanın qüdrətini, hikmətini, hər şeyi kamil şəkildə yaratdığını və əzəmətli hakimiyyətə sahib olduğunu bilər.
əl-Bəqərə, 23-24
وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ * فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ
23. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!
24. Əgər siz bunu edə bilmirsinizsə – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan kafirlər üçün hazırlanmış oddan çəkinin.

 
Uca Allah əvvəlki ayələrlə Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını (Lə İləhə İlləllah kəlməsini) isbat etdikdən sonra bu ayələrlə peyğəmbərliyin isbatına başlamış və kafirlərə müraciət edərək buyurmuşdur: “Əgər qulumuza”, yəni Muhəmmədə nazil etdiyimizə şübhə edirsinizsə” onda ona bənzər bir surə gətirin”, yəni əgər bunun Allahdan başqası tərəfindən olduğunu iddia edirsinizsə, ona bənzər bir surə gətirin, ona başqa bir surə ilə qarşılıq verin və bu işdə Allahdan başqa istədiyinizdən yardım diləyin. Bilin ki, bunu əsla bacarmayacaqsınız. Uca Allah Quranın bir çox ayələrində bununla kafirlərə meydan oxumuşdur. Belə ki əl-Qasas surəsində buyurur: “De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir Kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabe olum!” (“əl-Qasas”, 49). “əl-İsra” surəsində buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr də, ona bənzərini gətirə bilməzlər” (“əl-İsra”, 88). Hud surəsində buyurur: “Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (“Hud”, 13). “Yunus” surəsində isə buyurur: “Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir. Yoxsa: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (“Yunus”, 37-38). Bu ayələrin hamısı Məkkə ayələridir. Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra da Uca Allah kafirlərə Qurana bənzər bir surə gətirmələri ilə meydan oxumağa davam etmiş və bu ayədə buyurmuşdur: “Əgər şübhə edirsinizsə”, yəni şəkk edirsinizsə, “qulumuza nazil etdiyimizə”, yəni Muhəmmədə, “onda ona bənzər bir surə gətirin”, yəni Qurana bənzər. Bu Mucahid və Qatədənin təfsiridir. İbn Cərir də bu təfsiri seçmişdir. Buna dəlil isə Uca Allahın bu ayələridir: “Ona bənzər uydurulmuş on surə də siz gətirin” (“Hud”, 13). “Ona bənzərini gətirə bilməzlər” (“əl-İsra”, 88). Uca Allah həm Məkkədə, həm də Mədinədə dəfələrlə bu məsələdə kafirlərə meydan oxumuşdur. Kafirlər Peyğəmbərlə ﷺ şiddətli düşmənçilik aparmalarına və onun dininə nifrət etmələrinə baxmayaraq, bunu etməkdə aciz qaldılar. Bu səbəbdən Uca Allah buyurur: “Əgər siz bunu edə bilmirsinizsə – heç edə də bilməzsiniz...”. Burada işlənən لَنْ “lən” ədatı feilin qəti gələcək zamanda inkarını bildirir. Yəni bunu heç vaxt edə bilməyəcəksiniz. Bu həmçinin Quranın başqa bir möcüzəsidir. Peyğəmbər ﷺ qəti şəkildə, əminliklə, çəkinmədən bildirmişdir ki, bu Qurana ona bənzəri ilə heç kəs qarşılıq verə bilməz və belə də oldu. Peyğəmbərin ﷺ dövründən günümüzə qədər heç kəs bu Qurana bənzər bir ayə belə gətirə bilməmişdir və bu mümkün də deyil. Bu necə mümkün ola bilərdi ki, Quran hər şeyi yaradan Allahın kəlamıdır. Yaradanın kəlamı yaradılanların kəlamına necə bənzəyə bilər ki?
Quran ayələrini oxuyub dərindən düşünən orada oxunuş və məna baxımından aşkar və gizli olan müxtəlif ecazkarlıqların şahidi olar. Uca Allah buyurur: “Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır” (“Hud”, 1). Yəni sözləri mükəmməlləşdirilmiş, mənası isə ətraflı izah edilmiş və ya əksinə, bu barədə fikir ayrılığı var. Hər bir halda Quran ayələrinin həm sözləri, həm də mənası bəlağətlidir. Bu ayələrə bərabər və ya oxşar bir şey gətirmək mümkün deyil. Quran həm keçmiş, həm də gələcək qeybi hadisələr barədə xəbər vermişdir. Quranın xəbər verdikləri həm keçmişdə, həm də dövrümüzdə tamamilə olduğu kimi baş vermiş və hal-hazırda da baş verməkdədir. Quran hər bir xeyri əmr etmiş və hər bir şərdən çəkindirmişdir. Uca Allah buyurur: “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır”, yəni verdiyi xəbərlərdə doğru, buyurduğu ehkamlarda isə ədalətlidir. Quranın hamısı haqq, doğru, ədalət və hidayətdir. Orada kor-koranə deyilən sözlər, yalan və iftira yoxdur. Qurandan fərqli olaraq, cahiliyyə dövründəki ərəb şeirlərində isə yalanlar, düşünülmədən deyilən sözlər olurdu və bunlar olmadan bu şeirlər yaxşı sayılmırdı. Şeirlər barədə belə deyilirdi: “Şeirlərin ən çox zövq verəni ən çox yalan olanıdır”. Bu səbəbdən uzun bir qəsidənin çox hissəsi qadınların, atların və içkilərin tərifinə həsr olunurdu. Bəzən uzun bir qəsidə müəyyən bir şəxsin, atın, dəvənin, döyüşün, hər hansı bir canlının tərifinə və ya qorxulu hadisənin, vəhşi heyvanın və yaxud müşahidə olunan hansısa faydasız bir şeyin vəsfinə həsr olunurdu. Bütün bunların şairin bacarığını və bir şeyin gizli və incə tərəflərini üzə çıxarıb, gözəl şəkildə ifadə etmək bacarığını göstərməkdən başqa bir faydası yox idi. Belə şeirlərdə yalnız bir-iki və ya üç beyt məna kəsb edirdi, qalanları isə yararsız cəfəngiyyatdan ibarət olurdu. Qurana gəlincə isə, ərəb dilini ümumi və təfsilatlı şəkildə bilən hər kəsə onun hamısının son dərəcə bəlağətli olması məlumdur. Quranda varid olan hekayətlərə diqqət etsən, bu hekayətlərin son dərəcə xoş olduğunu görərsən. Fərq etməz, istər bu hekayətlər geniş, istər qısa, istər təkrarlanmış, istərsə də təkrarlanmamış olsun. Hekayətlər hər dəfə təkrarlandıqca daha səmərəli və daha gözəl olur. Quranda gələn hekayətlərin müxtəlif yerlərdə təkrarlanması oxucunu əldən salmır, bilənləri isə yormur. Əzabla qorxudan və təhdid edən ayələr gəldikdə yerindən tərpənməyən bərk dağlar belə qorxudan titrəyirsə, səncə, dərk edən qəlblər onun təsirindən nə hala düşər? Vəd verdikdə isə qəlbləri və qulaqları özünə tərəf çevirər və bu vədi eşidən Mərhəmətli Allahın Ərşinin qonşuluğunda yerləşən əmin-amanlıq yurduna (Cənnətə) can atar. Məsələn, Uca Allah qullarını rəğbətləndirərək buyurur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (“əs-Səcdə”, 17). Başqa bir ayədə: “Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaq. Siz orada əbədi qalacaqsınız” (“əz-Zuxruf”, 71). Həmçinin qullarını qorxudaraq buyurur: “Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir. Ya da ki göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz” (“əl-Mulk”, 16-17). Əzabından çəkindirərək buyurur: “Biz hər birini öz günahına görə yaxaladıq” (“əl-Ənkəbut”, 40). Nəsihət edərək isə buyurur: “Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək, sonra vəd olunduqları əzab onlara yetişsə, onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz” (“əş-Şuəra”, 205–207). Bu və buna oxşar bir çox ayələr Quranın bəlağətinə, fəsahətinə və gözəlliyinə misal ola bilər. Əgər Quranda olan ayələr əmr və qadağalardan ibarət olan ehkam ayələridirsə, bu zaman hər bir yaxşı, faydalı, gözəl və sevilən əməlləri əmr edir, hər bir pis, rəzil və alçaq işlərdən çəkindirir. İbn Məsud (Allah ondan razı olsun) və digər sələflər demişlər: “Əgər Uca Allahın Quranda “Ey iman gətirənlər!” – dediyini eşitsən, o zaman ona diqqətlə qulaq ver. Bil ki, bu, Uca Allahın sənə əmr etdiyi bir xeyir və ya qadağan etdiyi bir şərdir”. Bu səbəbdən Uca Allah buyurur: “O Peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır” (“əl-Əraf”, 157).
Əgər ayələr Axirət həyatını, oradakı dəhşəti və qorxunu, Cənnəti və Cəhənnəmi, Allahın Axirətdə Öz dostlarına və düşmənlərinə hazırladığı neməti və odu, ləzzətləri və şiddətli əzabı vəsf edirsə, bu ayələr Cənnətlə müjdələyir, Cəhənnəmdən çəkindirir, əzabla qorxudur, saleh əməllər etməyə çağırır, pis əməllərdən çəkindirir, dünya həyatına bağlanmamağa, Axirət həyatını seçməyə rəğbətləndirir, doğru yola yönəldir və bu yolda sabit olmağı buyurur, qəlblərdən lənətlənmiş şeytanın pisliyini təmizləyir.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Elə bir peyğəmbər olmamışdır ki, ona bəşəriyyətin inandığı möcüzələrdən (bir və ya daha çox möcüzə) verilmiş olmasın. Mənə verilən möcüzə isə Allahın mənə vəhy/*Vəhy sözünü lüğəti mənası gizli danışıq, ilham vermə, pıçıldama deməkdir. Quranda isə Uca Allahın bilavasitə, Cəbrail vasitəsilə və ya ilham etməklə Öz əmrlərini peyğəmbərlərinə bildirməsidir). etdiyi (Qurandır). Odur ki Qiyamət günü mənim ardıcıllarımın onların hamısından çox olacağına ümid edirəm”. (əl-Buxari, 4598, 4981). Hədisin bu ləfzi Muslimindir. “Mənə verilən möcüzə isə Allahın mənə vəhy etdiyi (Qurandır)”, yəni digər İlahi kitablardan fərqli olaraq, mənə verilən bu möcüzəvi Qurana bənzər heç bir insan bir şey gətirə bilməz. Bu xüsusi olaraq mənə verilmişdir. Digər kitablar isə belə deyil. Allah ən doğrusunu Biləndir. Quranda Peyğəmbərin ﷺ Allahın elçisi olmasını və dediklərinin də doğru olmasını təsdiqləyən çox sayda ayələr var. Buna görə Uca Allaha həmd və şükür olsun!
Ayənin sonunda Uca Allah buyurur: “onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin”. Yanacaq dedikdə alışdırmaq üçün oda atılan odun və s. nəzərdə tutulur. Başqa bir ayədə Uca Allah buyurur: “Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar” (“əl-Cinn”, 15). “Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz” (“əl-Ənbiya”, 98).
Uca Allahın: “kafirlər üçün hazırlanmış” ayəsində zahir olan budur ki, “hazırlanmış” sözü yanacağı insanlardan və daşlardan olan oda aiddir. Əvəzliyin daşlara aid olması ehtimalı da var. Məna baxımından bu iki rəy arasında heç bir ziddiyyət yoxdur, çünki hər iki rəy bir-biri ilə sıx əlaqəlidir. “Hazırlanmış”, yəni Allahı və Peyğəmbərini ﷺ inkar edənlər üçün hazırlanıb. Bir çox əhli-sünnə imamları Uca Allahın: “kafirlər üçün hazırlanmış” ayəsinə əsaslanaraq Cəhənnəmin artıq mövcud olamasını demişlər, yəni artıq hazırlanmışdır. Bu barədə bəzi hədislər də varid olmuşdur. Məsələn, bu hədislərdən “(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi” , başqa bir hədisdə: “(Bir zaman) Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə nəfəs almağa izn verdi; bir dəfə qışda, bir dəfə də yayda. Bu sizin ilboyu gördüyünüz ən şiddətli isti və ən şiddətli soyuqdur”. (əl-Buxari, 504, 537). Bu və bu mənada olan bir çox səhih hədislər var. Motəzilə əqidəsində olanlar isə cahilliklərindən buna müxalif olmuşlar. Əndəlüs vilayətinin qazisi əl-Qadi Munzir ibn Səid əl-Bəluti bu məsələdə onlarla həmfikir olmuşdur.
əl-Bəqərə, 25
وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ
25. İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü ağacları altından çaylar axan Cənnət bağları var. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

 
Uca Allah Onu və Peyğəmbərini ﷺ inkar edən düşmənləri, bədbəxt kafirlər üçün hazırladığı əzabı və cəzanı bildirdikdən sonra, buna müqabil Özünə və Peyğəmbərinə ﷺ iman gətirən və saleh əməlləri ilə inanclarını təsdiq edən xoşbəxt mömin dostlarının halını bildirmişdir. Alimlərin görüşlərindən ən doğru olanı budur ki, Quranın “Təkrarlanan” adlanmasının səbəbi də budur. (Burada Uca Allahın bu ayəsi nəzərdə tutulur: “Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” (“əz-Zumər”, 23). Bu barədə yeri gələndə ətraflı söhbət açacağıq. Yəni Quran əvvəl imanı, sonra ardınca küfrü və ya əksinə, küfrü, ardınca da imanı zikr edər. Həmçinin qullarından xoşbəxt olan möminlərin halını, sonra isə ardınca bədbəxt olan kafirlərin halını və ya bunun əksini bildirir. Xülasə, bir şeyi, sonra isə ardınca onun əksini qeyd edir. Amma bir şeyi qeyd edib sonra onun bənzərini qeyd etmək Quranın “təşəbuh” (ayələri bir-birinə bənzəyən) adlanmasının səbəbidir. Bu barədə də yeri gələndə Allahın izni ilə danışacağıq. Bu səbəbdən Uca Allah buyurur: “İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü ağacları altından çaylar axan Cənnət bağları var”. Əvvəlki ayələrdə Cəhənnəmi vəsf edərək yanacağı insanlardan və daşlardan olacağını bildirdiyi kimi, burada da Cənnəti vəsf edərək ağacları altından çaylar axacağını bildirmişdir. Uca Allahın: “ağacları altından çaylar axan” ayəsinin mənası, yəni ağaclarının və otaqlarının altından. Hədisdə Cənnət çaylarının yerdə arx olmadan axacaqları varid olmuşdur. Kövsər çayı barədə isə rəvayət olunmuşdur ki, onun hər iki sahilində içiboş mirvarilərdən hazırlanmış çadırlar düzülmüşdür. Bu iki məna arasında ziddiyyət yoxdur. Çayın palçığı isə qarışığı olmayan müşkdən olacaq. Hədisi İbn Əbu Hatim rəvayət etmişdir. (əs-Suyuti “əd-Durrul-Mənsur” (1/37) kitabında bildirmişdir ki, bu hədisi həmçinin İbn Hibban, əl-Hakim, ət-Tabərani, İbn Mərdəveyh və əl-Beyhaqi “əl-Bəs” kitabında rəvayət etmişlər (Əhməd Şakir). İbn Hibban, 7408; İbn Əbu Hatim, 252, 3283. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir). Həmçinin Əbu Səid vasitəsilə Məsruqdan, o da Abdullah ibn Məsuddan rəvayət etmişdir ki: “Cənnət çayları müşk dağından axır”. (İbn Əbu Hatim, 3281, 5502).
Uca Allah buyurur: “Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki əvvəlcə bizə verilən ruzidir!” – deyəcəklər”, yəni dünən verilən ruzi kimidir. “Halbuki onlara onun oxşarı veriləcəkdir”, yəni dadında deyil, rəng və görünüşdə oxşarı veriləcəkdir.
Uca Allah buyurur: “Onlardan ötrü orada pak zövcələr var”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hər cür xoşagəlməz natəmizlikdən və pisliklərdən təmizlənmiş zövcələr deməkdir”. Qatədə isə demişdir: “Hər cür xoşagəlməz natəmizlikdən və günahlardan təmizlənmiş zövcələr”. Uca Allah buyurur: “Onlar orada əbədi qalacaqlar”– tam xoşbəxtlik də elə budur, çünki onlar təhlükəsiz yerdə, ölməkdən və bitib-tükənməkdən əmin olaraq nemət içərisində olacaqlar. Bu nemətlərin nə sonu, nə də axırı var. Bu nemətlər sonsuz və əbədi olaraq davam edir. Allahdan bizi də onların zümrəsində məhşərə toplamasını diləyirik. Həqiqətən, O Səxavətlidir, Kərimdir, yaxşılıq edəndir və Rəhmlidir.
əl-Bəqərə, 26-27
إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ * الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ
26. Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O bununla yalnız fasiqləri yoldan çıxarır.
27. O kəslər ki Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiklərini (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!

 
əs-Suddi ayənin təfsirində İbn Məsud (Allah ondan razı olsun) və başqalarından nəql edərək demişdir: “Uca Allah üç ayədə “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” (“əl-Bəqərə”, 17) və “Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir” (“əl-Bəqərə”, 19) ayələrində münafiqlər üçün bu iki məsəli çəkdikdən sonra münafiqlər dedilər: “Allah bu kimi (yəni xırda) məsəllər çəkməkdən Uca və Pakdır”. Bu səbəbdən Uca Allah bu ayəni “Məhz onlar ziyana uğrayanlardır!” cümləsinə qədər endirdi. Ayənin mənası budur ki, Uca Allah “utanmaz”, yəni Özünə eyib bilməz. Başqa bir təfsirə görə, “hər hansı bir məsəli çəkməkdən qorxmaz”, yəni nə məsəl olursa-olsun və nə ilə olursa-olsun, istər böyük olsun, istərsə də kiçik. Bu ayədə gələn مَا [mə] sözü azlığı ifadə edir və ondan sonra gələn “ağcaqanad” sözünün qrammatik mövqeyi “bədəl” (təyin) olur. Necə ki “sənə bir zərbə vuracam” dediyində ən yüngül bir zərbə vurmaqla da doğru söyləmiş olursan.
İbn Cərir isə bu ayədəki مَا [mə] sözünün nisbi əvəzlik olub, “ağcaqanad” sözü ilə eyni qrammatik mövqedə olduğunu demişdir və bunun ərəb dilinə uyğun olmasını bildirmişdir. Belə ki ərəblər مَا [mə]  və مَنْ [mən] nisbi əvəzliklərindən sonra gələn sözü nisbi əvəzliklə eyni qrammatik mövqedə olduğunu deyirlər. Çünki bu iki nisbi əvəzlik bəzən müəyyənlikdə, bəzən isə qeyri-müəyyənlikdə olur. Necə ki Həssən ibn Səbit (Allah ondan razı olsun) demişdir:
وَكَفَى بِنَا فَضلًا عَلَى مَنْ غَيْرِنا ... حُبُّ النبيِّ محمّدٍ إيّانا
Peyğəmbərin ﷺ bizi sevməsi    
Bizim başqalarından üstün olmağımız üçün kifayətdir.
 
İbn Cərir həmçinin demişdir: “Ayədəki بَعُوضَةً “ağcaqanadı” [bəu:datən] sözünün təsirlik halda olmasının səbəbi zərfin pozulması da ola bilər. Cümlənin nəzərdə tutulan mənası: “Həqiqətən, Allah ağcaqanad və ondan daha böyük olan şeyləri məsəl çəkməkdən utanmaz” olacaqdır”.
Uca Allahın: “ondan da üstün” sözünün təfsirində iki rəy var. Birinci rəy budur ki, yəni kiçiklikdə və cüzilikdə ondan daha aşağı olanı. Necə ki bir kişini xəsis olduğuna görə məzəmmət etdikdə eşidənlərdən biri deyir: “Bəli, o, söylədiklərinizdən də üstündür”. Yəni vəsf etdiyiniz mənfi xüsusiyyətlərdən də aşağıdır. İkinci rəy budur ki, “ondan da üstün”, yəni ondan daha böyük. Çünki ağcaqanaddan daha kiçik, daha cüzi bir şey yoxdur. Bu, İbn Cəririn seçdiyi görüşdür.
Bu ayə ilə Uca Allah bildirir ki, O, məsəl çəkməkdə ağcaqanad kimi kiçik və cüzi bir şey olsa belə, heç nəyi dəyərsiz saymır. Necə ki başqa ayələrdə milçək və hörümçəyi məsəl çəkmişdir. Uca Allah buyurur: “Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!” (“əl-Həcc”, 73). “Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki biləydilər!” (“əl-Ənkəbut”, 41). Həmçinin buyurur: “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (“İbrahim”, 24–27). Başqa bir ayədə: “Allah heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir” (“ən-Nəhl”, 75). Sonra buyurur: “Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?” (“ən-Nəhl”, 76). Başqa bir ayədə buyurur: “O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb-daşınan insanlar üçün belə müfəssəl izah edirik” (“ər-Rum”, 28). “Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir” (“əz-Zumər”, 29). Həmçinin buyurur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (“əl-Ənkəbut”, 43). Ümumiyyətlə, Quranda məsəllərə nümunələr çoxdur.
Bəzi sələflər demişlər: “Quranda bir məsəl eşidib onu başa düşmədikdə, öz-özümə ağlayıram, çünki Uca Allah buyurur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (“əl-Ənkəbut”, 43).
Qatədə “İman gətirənlər bilirlər ki, bu onların Rəbbindən gələn haqdır” ayəsini belə təfsir etmişdir: “Onun ər-Rahmənin (Mərhəmətli Olanın) kəlamı olub, Allah dərgahından gəldiyini bilirlər”. “Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Bu ayə əl-Muddəssir surəsindəki ayəyə bənzəyir: “Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır” (“əl-Muddəssir”, 31). Eynilə burada da buyurur: “Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir”.
İbn Məsud (Allah ondan razı olsun) və başqaları demişlər: “Halbuki O bununla bir çoxlarını azdırır”, yəni münafiqləri, “və bir çoxlarını da haqq yoluna yönəldir”, yəni möminləri. Allahın onlar üçün çəkdiyi məsəlin haqq olub, onlara tamamilə uyğun olduğunu yəqin bildikləri halda, yalan saydıqlarına görə Uca Allah çəkdiyi məsəllə onların azğınlıqlarını daha da artırar. Allahın çəkdiyi məsəllə onları azdırması da belə olur.
“Bir çoxlarını da haqq yoluna yönəldir”, yəni bu məsəllə bir çox iman və təsdiq əhlini doğru yola yönəldər. Yəqin olaraq bildikləri haqqı təsdiqlədiklərinə görə Uca Allah doğru yolda olanların doğruluğunu və imanlarını daha da artırar. Onlar Allahın onlar üçün çəkdiyi məsəllərə tam olaraq uyğun gəldiklərini qəbul edib bunun haqq olduğunu təsdiq edirlər. Allahın çəkdiyi məsəllə onları doğru yola yönəltməsi də belə olur”. (Əhməd Şakir demişdir: “Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) gələn bu əsər ktabın bir çox çaplarında təhrif olunmuş halda yazılmışdır. Bu əsəri biz ət-Tabərinin (səh. 576) təfsirindən tam olaraq yazmışıq”).  
Uca Allahın: “Lakin O bununla yalnız fasiqləri yoldan çıxarır” ayəsinin təfsirində Qatədə demişdir: “Onlar münafiqlərdir. Günah etdiklərinə və Allaha boyun əymədiklərinə görə Allah onları azdırmışdır. Fasiq sözünün lüğəti mənası “itaətdən çıxan, itaət etməkdən boyun qaçıran” deməkdir. Ərəblər qabığından çıxan xurmaya “xurma fisq etdi” deyirlər. Bu səbəbdən siçana “fuveysiqa” deyilir. Çünki o, fəsad törətmək üçün yuvasından çıxır. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişənin (Allah ondan razı olsun) rəvayət ediyi hədisdə Peyğəmbər ﷺ buyurur: “Beş fasiq (zərərverici) heyvan var ki, bunları haramdan kənarda da (ehramda olmayanda), haram sayılan ərazidə də öldürmək olar. Bunlar ala qarğa, çalağan, əqrəb, siçan və quduz itdir”. (əl-Buxari, 1698, 1829).
Fasiq sözü həm kafir, həm də günahkar müsəlmana aid olur. Lakin kafirin fasiqliyi daha şiddətli və daha həddi aşandır. Ayədə “fasiqlər” dedikdə kafirlər nəzərdə tutulur. Ən doğrusunu Allah bilir. Çünki Uca Allah növbəti ayədə onları vəsf edərək buyurur: “O kəslər ki Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!” (“əl-Bəqərə”, 27). Bu sifətlər möminlərin sifətlərinə zidd olan kafirlərin sifətləridir. Necə ki Uca Allah ər-Rad surəsində buyurur: “Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar. O kəslər ki Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir! Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd var” (“ər-Rad”, 19–25).
Təfsir alimləri arasında ayədə bildirilən, fasiqlərin pozduqları əhd-peyman barədə fikir ayrılığı var. Bəzilərinə görə bu əhd-peyman Allahın yaratdıqlarına tövsiyəsidir. Bu tövsiyə Uca Allahın endirdiyi kitablar və göndərdiyi peyğəmbərlərin dili ilə çatdırdığı əmrlərinə itaət və qadağalarından çəkinməkdir. Bunlara əməl etməmək əhd-peymanı pozmaq sayılır.
Digər alimlərin fikrincə, bu ayə Kitab əhlindən olan kafirlər və münafiqlərə aiddir. Allahla bağladıqdan sonra pozduqları bildirilən əhd-peymana gəlincə, o, Tövratda əmr olunanlara əməl etmək, göndərildiyi zaman Muhəmmədə tabe olmaq, onu və Rəbbi tərəfindən gətirdiyini təsdiq etməkdir. Bu əhdi pozmaları isə haqq olduğunu bildikdən sonra onu inkar etmələridir. Bu elmi insanlara açıqlayıb, gizlətməyəcəklərinə dair Allahla əhd bağladıqdan sonra bu əhdi insanlardan gizlətmələridir. Uca Allah bildirir ki, onlar ona arxa çevirib onu ucuz qiymətə satdılar. İbn Cəririn rəyi budur. Muqatil ibn Həyyən də bunu demişdir. Digərləri isə demişlər: “Bu ayə ilə bütün küfr, şirk və nifaq əhli nəzərdə tutulmuşdur. Allahın onlarla bağladığı əhd-peyman isə rububiyyətinə (Rububiyyə – Rəbb sözündəndir. Lüğəti mənası – tərbiyə edən, mülk və iqtidar sahibi, ağa, yönəldən, idarə edən, nemət verən deməkdir. Bax: İbn Mənzur "Lisanul Ərəb" 1/399. İstilahi mənası – hər bir şeyin Rəbbinin və sahibinin Allah olduğuna, şərikinin olmadığına, tək yaradıcı olduğuna bütün kainatı idarə edən, qullarını yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın tək Allah olduğuna qəti olaraq inanmaq, Allahın qəza və qədərinə inanmaq deməkdir). dəlalət edən dəlillər gətirərək Tək olduğunu bildirməsidir. Həmçinin Allahın onlarla bağladığı əhd-peyman əmr və qadağalarıdır. O əmr və qadağalar ki onların vasitəsilə peyğəmbərlərinin doğruluğunu təsdiq edən və heç kəsin bənzərini gətirməyə qadir olmadığı möcüzələr vermişdir. Bu əhdi pozmaları isə doğruluğu dəlillərlə sübuta yetən şeyləri qəbul etməmələri və peyğəmbərlərin gətirdiklərinin haqq olduğunu bilə-bilə peyğəmbərləri və kitabları yalan saymalarıdır”. Bu yaxşı rəydir.
Digərləri isə demişlər: “Uca Allahın ayədə barəsində söhbət açdığı əhd Adəmin belindən onun törəmələrini çıxardığı zaman onlardan aldığı əhd-peymandır. Bu barədə Uca Allah buyurur: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz” (“əl-Əraf”, 172-173). Bu əhdi pozmaları isə onu yerinə yetirməkdən boyun qaçırmalarıdır. Bu rəyləri İbn Cərir öz təfsir kitabında nəql etmişdir.
Uca Allah buyurur: “Allahın qovuşdurulmasını əmr etdiklərini (qohumluq əlaqələrini) kəsir” (“əl-Bəqərə”, 27). Bu ayədə qohumluq əlaqələrinin nəzərdə tutulduğu deyilir. Necə ki Qatədə bunu belə təfsir etmişdir. Bu, Uca Allahın bu ayəsi kimidir: “Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz” (“Muhəmməd”, 22). İbn Cərir də bu təfsiri seçmişdir. Başqa bir rəyə görə, ayədə qəsd olunan məna daha ümumidir. Yəni onlar Uca Allahın yerinə yetirilməsini və birləşdirilməsini əmr etdiyi hər bir şeyi kəsib tərk etmişlər.
Muqatil ibn Həyyən Uca Allahın: “Məhz onlar ziyana uğrayanlardır!”- ayəsi barədə demişdir: “Yəni Axirətdə ziyana uğrayanlardır. Uca Allahın bu ayəsi kimi: “Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiklərini kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır” (“ər-Rad”, 25).
İbn Cərir demişdir: “الْخَاسِرُونَ [əl-xa:siru:nə] “ziyana uğrayanlar” sözü خَاسِرٌ [xa:sirun] sözünün cəmidir. Allaha asilikləri səbəbi ilə Allahın rəhmətindən öz paylarını azaldanlardır. Malını satarkən mayada ziyan edən kişi kimi. Münafiq və kafirin halı da belədir. İnsanların Allahın rəhmətinə ən çox ehtiyac duyduqları Qiyamət günü Allahın onları Öz rəhmətindən məhrum etməsi ilə ziyana uğramışlar. Ərəb dilində خَسِرَ [xasira] feilinin təsrifi (feilin kökdən dəyişmə formaları) belədir:
•             Kişi ziyana uğradı - خَسِرَ الرَّجُلُ [xasirar-raculu]
•             Ziyana uğrayır – يَخْسَرُ  [yəxsəru]
•             Məsdəri – خَسْراً [xasran]   خُسْرَاناً   [xusra:nən]  خَسَاراً – [xasə:ran]
əl-Bəqərə, 28
كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنْتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.

 
Uca Allah varlığını, qüdrətini, hər şeyi yaradan və qulları üzərində hökm sahibi olmasını dəlil gətirərək buyurur: “Allahı necə inkar edirsiniz”, yəni Onun varlığını necə inkar edirsiniz və ya Onunla bərabər qeyrisinə necə ibadət edirsiniz? “Siz ölü idiniz, O sizi diriltdi”, yəni siz yox idiniz, sizi yoxdan varlığa çıxartdı. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Bəlkə, onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (“ət-Tur”, 35-36). Başqa bir ayədə buyurur: “Doğrudanmı, insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb-keçməmişdir?” (“əl-İnsan”, 1). Bu mənada olan ayələr çoxdur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Siz ölü idiniz, O sizi diriltdi”, yəni atalarınızın belində ölü idiniz, Allah sizi yaradana qədər siz heç nə idiniz. Sonra O sizi həqiqi ölümlə öldürəcək, sonra Qiyamət günü sizi yenidən dirildəcək. Bu, Uca Allahın bu ayəsi kimidir: “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin” (“Ğafir”, 11). Bu doğru təfsirdir və Uca Allahın bu ayəsinin mənasındadır: “De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir” (“əl-Casiyə”, 26).
əl-Bəqərə, 29
هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə yüksəlib onu yeddi qat göy edən Odur. O hər şeyi bilir.

 
Uca Allah insanları yaratdığına onların özlərində müşahidə etdikləri hadisələri (ölüm, dünyaya gəlmə və s). dəlil gətirdikdən sonra başqa bir dəlili – göylərin və yerin yaradılışını qeyd edir və buyurur: “Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə yüksəlib onu yeddi qat göy edən Odur”. “Yüksəlib”, yəni səmaya yönəlib. Buradakı الاسْتِوَاءُ [əl-istiva] “yüksəlmək” sözü özündə yönəlmək və gəlmək mənalarını cəm edir. Çünki bu feil إِلَى [ilə] (-a ,-ə) önqoşması ilə işlənmişdir. “Onu yeddi qat göy edən Odur”, yəni göyü yeddi qat yaratdı. “Göy” sözü burada ümumi isim olduğu üçün “Onu”, – deyərək müraciət etmişdir. “O hər şeyi bilir”, yəni Onun elmi bütün yaratdıqlarını əhatə etmişdir. Necə ki başqa bir ayədə buyurur: “Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?” (“əl-Mulk”, 14). Bu ayənin açıqlaması “Ha, Mim. əs-Səcdə” (“Fusilət” surəsi həmçinin “Ha, Mim, əs-Səcdə” kimi də adlanır). (“Fussilət”) surəsindədir. Uca Allah buyurur: “De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi. Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”- dedi. Onlar: “Könüllü olaraq gəldik!”- dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünəməxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür” (“Fussilət”, 9–12). Bu ayə dəlildir ki, Uca Allah əvvəlcə yer üzünü yaratmağa başlamış, sonra isə yeddi göyü yaratmışdır. Bənnaların işi də belədir. Əvvəl tikilinin alt tərəfini tikməyə başlayarlar, sonra isə üst tərəfini tikərlər. Uca Allahın bu ayəsinə gəlincə: “Sizin yaradılışınız çətindir, yoxsa göyün? O onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi” (“ən-Nəziət”, 27–32). Alimlər bu ayədə [summə] “sonra” bağlayıcısı ilə bir feili digərinə bağlamaq deyil, bir xəbəri digərinə bağlamaq nəzərdə tutulduğunu demişlər.
İbn Əbu Hatim və İbn Mərdaveyh bu ayənin təfsirində Muslim və ən-Nəsəinin “Təfsir” bölümündə İbn Cureycin vasitəsilə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə o demişdir: “Bir dəfə Peyğəmbər ﷺ əlimdən tutaraq belə buyurdu: “Uca Allah şənbə günü torpağı yaratdı. Bazar günü isə onun üzərində dağları yaratdı. Bazar ertəsi isə ağacları yaratdı. Çərşənbə axşamı (zülmət, xəstəlik və s). şər şeyləri  yaratdı. Çərşənbə günü nuru yaratdı. Cümə axşamı ora heyvanları yaydı. Cümə günü əsr vaxtından sonra, günün son saatlarında, gecə ilə əsr vaxtı arasında Adəmi xəlq etdi”. (Muslim, 4997, 7231; Əhməd, 8323, 8341; İbn Xuzeymə, 1731; əl-Bəzzər, 8228; əl-Beyhəqi “Sunənul-Kubra” 17483, 18159. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3235(.
Bu hədis Səhih Muslimdə gələn qəribə hədislərdən biridir. Hədisin səhih olmadığı barədə Əli ibn əl-Mədini, əl-Buxari və digər hədis alimləri danışmışlar və bu hədisi Kəb əl-Əhbərin sözü olduğunu bildirmişlər. Əbu Hureyra (Allah ondan razı olsun) isə onu Kəb əl-Əhbərdən eşitmişdir. Hədisi rəvayət edən bəzi ravilər səhvən onu Peyğəmbərə ﷺ nisbət etmişlər. əl-Beyhəqi də belə yazmışdır.
əl-Bəqərə, 30
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
30. (Bir zaman) Sənin Rəbbin mələklərə demişdir: “Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!” Onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

 
Uca Allah Adəmi yaratmamışdan əvvəl ali toplumda (mələklərin yanında) onu xatırlayaraq ucaltması ilə Adəm övladına lütfünü xəbər verərək buyurur: “(Bir zaman) Sənin Rəbbin mələklərə demişdir”, yəni “Ey Muhəmməd, xatırla ki, bir zaman sənin Rəbbin mələklərə demişdir. Bunu qövmünə danış!” İbn Cərir bəzi ərəb dilçilərindən nəql edir ki, onlar burada “bir zaman” mənasını verən إِذْ [iz] zərfinin cümlədə heç bir qrammatik rolu olmayıb, cümlənin mənasını gücləndirmək üçün işləndiyini iddia etmişlər. Belə olan halda ayənin mənası “Rəbbin mələklərə demişdir” kimidir. İbn Cərir bu iddianı rədd etmişdir. Həmçinin bütün təfsir alimləri bunu rədd etmişlər. əz-Zəccəc demişdir: “Bunu Əbu Ubeydə cürət edib demişdir”.
"Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!”, yəni əsrlərlə, nəsil-bənəsil bir-birinin ardınca gələcək qövm yaradacağam. Necə ki başqa bir ayədə buyurur: “Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur” (“əl-Ənam”, 165). “Sizi yer üzünün varisləri edən kimdir?” (“ən-Nəml”, 62). “Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq” (“əz-Zuxruf”, 60). “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi” (“Məryəm”, 59). Bu ayədə xəlifə dedikdə tək Adəm nəzərdə tutulmur. Əgər belə olsaydı, mələklərin: “Sən orada fəsad törədib, qan salacaq bir kəsmi yerləşdirəcəksən?”- deməsi doğru olmazdı. Onlar bu növ məxluqdan törəyənlərin belə davranacaqlarını nəzərdə tuturdular. Sanki onlar xüsusi bir elmə sahib olduqlarına görə bunu bilirdilər və ya bəşər övladının təbiətlərini bildiklərinə görə bu qənaətə gəlmişdilər. Çünki Uca Allah onlara bu növ məxluqu dəyişmiş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaradacağını bildirmişdi. Yaxud da mələklər Adəm övladını yer üzündə əvvəl yaşamış məxluqlarla (cinlərlə) müqayisə edərək bu qənaətə gəlmişlər. Allahın izni ilə bu barədə təfsir alimlərinin rəylərini bildirəcəyik.
Mələklərin bu sözü, bəzi təfsirçilərin zənn etdiyi kimi, Allaha etiraz və ya Adəm oğluna paxıllıq səbəbindən deyildi. Bu sual, sadəcə, Adəmin yaradılmasının hikmətini bilmək məqsədi daşıyırdı. Onlar deyirdilər: “Ey Rəbbimiz, yer üzündə fəsad törədib, qanlar axıdacaq bu məxluqları yaratmağın hikməti nədir? Əgər hikmət ibadət etməkdirsə, biz Səni həmd-səna ilə tərifləyirik və Səni müqəddəs tuturuq”, yəni sənin üçün namaz qılırıq və bizim tərəfimizdən bu əməllər (fitnə-fəsad törətmək, qan tökmək) biz tərəfdən baş verməz. Nə üçün bizimlə kifayətlənmədin? Bunun açıqlanması qarşıda gələcək. Uca Allah onların bu sualına cavab verərək buyurur: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”, yəni bu növ məxluqatın yaradılmasında dediyiniz şərlərdən daha çox olan xeyirləri Mən bilirəm. Siz isə bunu bilmirsiniz.
Mən onlardan peyğəmbərlər seçəcəyəm və onlara elçilər göndərəcəyəm. Onların arasından sidq ürəkdən inananlar, şəhidlər, əməlisalehlər, çox ibadət edənlər, zahidlər, Allahın dostları, itaətkarlar, Allaha yaxın olanlar, bildiklərinə əməl edən alimlər, Allahdan qorxanlar, Allahı sevənlər, Onun peyğəmbərlərinə tabe olanlar çıxacaq. Allahın salavatı və salamı peyğəmbərlərinə olsun!
İbn Cərir demişdir: “Uca Allahın ayədə qeyd etdiyi xəlifə bir nəsli əvəz edən başqa bir nəsil  mənasındadır. Xəlifəlik, əslində, “filankəs filankəsin xəlifəsi oldu”, yəni “ondan sonra onun yerini tutdu” mənasındadır. Necə ki Uca Allah buyurur: “Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız” (“Yunus”, 14). Bu səbəbdən ən böyük sultana xəlifə deyilir, çünki o özündən əvvəlki sultandan sonra gəlib, əmr etməkdə onun yerini tutmuş və onun xəlifəsi olmuşdur”.
İbn Cərir Uca Allahın “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda” sözü barədə demişdir: ”Müqəddəs tutmaq”, yəni təzim etmək, paklaşdırmaq deməkdir. سُبُّوحٌ قُدُّوسٌ [Subbu:hun Quddu:sun] zikri də bu mənadadır. سُبُّوحٌ [Subbu:hun] – Allahın pak və nöqsanlardan uzaq olduğunu, قُدُّوسٌ [Quddu:sun] isə müqəddəs və əzəmətli olduğunu bildirməkdir. Bu səbəbdən bəzi yerlərə “müqəddəs torpaq” deyilir. Yəni pak yer nəzərdə tutulur. Beləliklə, mələklərin Uca Allaha: “Biz Səni həmd-səna ilə tərifləyirik” xitabının mənası: “Sənin şirk edənlərin Sənə qoşduqları şəriklərdən uzaq və pak olduğunu deyirik”; “Səni müqəddəs tuturuq” xitabının mənası isə: “Səni Uca Sifətlərinlə vəsf edirik. O Sifətlər ki, kafirlərin Sənə aid etdikləri nöqsan və pisliklərdən uzaqdır”.
Qatədə Uca Allahın “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” ayəsi ilə bağlı sözü barədə demişdir: “Uca Allah Öz əzəli elmi ilə bilirdi ki, bu xəlifədən peyğəmbərlər, elçilər, əməlisaleh qövmlər və Cənnət sakinləri çıxacaq”.
əl-Bəqərə, 31-33
وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ * قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ * قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ
31. Allah Adəmə hər şeyin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”
32. Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
33. Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O bunların adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”

 
Bu ayələrdə Uca Allah mələklərə deyil, Adəmə hər şeyin adını öyrətməklə onu mələklərdən üstün tutmasını və bununla da ona verdiyi şərəfli məqamı bildirmişdir. Bu məqam mələklərin Adəmə səcdə etməsindən sonra idi.
Bu mövzunun səcdə mövzusundan əvvəl qeyd edilməsinin səbəbi mələklərin xəlifənin (Adəmin) yaradılış hikmətini bilməməsi ilə bu məqam arasında bir uyğunluğun olmasıdır. Mələklər bu barədə Allaha sual vermiş, Uca Allah da onlara bildirmişdir ki, O onların bilmədiklərini bilir. Uca Allah onların sualının ardınca bu məqamı qeyd edərək Adəmi elmdə onlardan üstün etməklə şərəfləndirdiyini bildirir və buyurur: “Allah Adəmə hər şeyin adlarını öyrətdi”. (Quranın çox sayda, açıq-aydın ayələri və səhih mutavatir hədislər dəlalət edir ki, Uca Allah Adəmi öz surətində və heyətində yaratmışdır. Bu surəti Adəm övladları ondan miras olaraq bu günümüzə qədər gətirib çıxarmışlar və onun nəsli Qiyamətə qədər bu surətin varisləri olaraq qalacaqlar. Bu mövzuda gələn hədislər səhih və birmənalıdır, başqa mənaya yozula bilməz. Hədislərin bütün ləfzlərinin mənaları mübahisəsiz buna dəlalət edir. Təəccüblü olan budur ki, bu qədər dəlil-sübutdan sonra özünü İslama nisbət edib, müsəlman adları ilə adlanan kəslər gəlib Darvin və oun davamçılarının iddia etdikləri təkamül nəzəriyyəsini qəbul edirlər. Bu nəzəriyyəni qəbul edir, ona təslim olub, dinə inandıqları kimi qəti şəkildə, hətta ondan da möhkəm bu nəzəriyyəyə inanırlar. Bundan sonra Quran və hədislərdə gələn açıq-aydın dəlilləri müxtəlif mənalara yozmağa çalışırlar. Hələ utanmayıb bu mənada gələn mutəvatir, səhih hədisləri inkar etməyə də cürət edirlər. Sonra isə sübuta yetirilməyən bu batil nəzəriyyə ətrafında danışır və bu nəzəriyyə hesabına elmi işlər qururlar. Əslən bu nəzəriyyəni dəstəkləyənlər nəzəriyyəni tənqid edənlərin etirazlarının qarşısında dura bilməmiş və bu nəzəriyyə kökündən darmadağın olmuşdur. Qəribədir ki, bunu deyənlər sonra müsəlman olduqlarını iddia edirlər, təqlidçi olduqları halda özlərini alim adlandırırlar. Allah onların atdığı iftiralardan Ucadır. (Əhməd Şakir). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu, insanlar tanış olarkən işlətdiyi isimlərin adlarıdır. İnsan bildirən adlar, heyvan adları, səma, yer, düzənlik, dəniz, dəvə, uzunqulaq və s. bu kimi toplumları bildirən adlar”. Mucahid də ayəni buna bənzər təfsir etmişdir. İbn Cərir isə Allahın Adəmə mələklərin və zürriyyətinin adlarını örətdiyi rəyi seçmişdir. Çünki Uca Allah ayədə: “Sonra onları mələklərə göstərib dedi”, – buyurur. Bu isə insan və mələkləri bildirən aqil isimləri ifadə edir. İbn Cəririn dediyi kimi, tək aqil (insan bildirən) isimləri ifadə etməsi vacib deyil. Bu ifadəyə qeyri-aqil (insan bildirməyən) isimlərin də daxil olması istisna edilmir. Təğlib (“Təğlib” التَّغْلِيبُ sözünün lüğəti mənası “üstün tutmaq”, “üstün etmək” deməkdir. Ərəb dilində isə cəm halda aqil ismin qeyri-aqil isimdən üstün tutulmasına deyilir) (üstələmə) üslubuna əsasən cəm halında aqil ismə üstünlük verilir. Necə ki Uca Allah buyurur: “Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir” (“ən-Nur”, 45). Doğru olan isə budur ki, Uca Allah Adəmə hər şeyin adını öyrətmişdir: əşyaların adını, sifətini və hərəkətlərinin adlarını. əl-Buxari “Səhih” əsərinin “Təfsir” bölümündə Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Möminlər Qiyamət günü toplaşıb deyəcəklər: “Bəlkə, Rəbbiniz yanında sizin tərəfinizi saxlayan bir adam tapasınız?” İnsanların bəzisi digərlərinə deyəcək: “Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin yanına gəlib deyəcəklər: “Sən insanların atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, mələklər də Onun əmri ilə sənə səcdə etmişlər. Sənə hər şeyin adını öyrətmişdir. (Elə isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)! Olduğumuz bu çətin vəziyyətdən bizi qurtarsın!” (əl-Buxari, 4116, 4476).
[Müəllif (İbn Kəsir) hədisi tam olaraq gətirmiş və bildirmişdir ki, hədisi həmçinin Muslim, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. Sonra isə demişdir:] əl-Buxarinin bu hədisi bu ayənin təfsirində gətirməsinin məqsədi Peyğəmbərin ﷺ bu sözüdür: “Sən insanların atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, mələklər də Onun əmri ilə sənə səcdə etmişlər. Sənə hər şeyin adını öyrətmişdir”. Bu dəlildir ki, Uca Allah ona bütün məxluqatların adlarını öyrətmişdir. Bu səbəbdən buyurur: “Sonra onları mələklərə göstərib dedi”, yəni adlandırılan şeyləri. “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”, yəni Mən nə yaratsam da, şübhəsiz, daha yaxşı bilirəm. Əgər siz doğru danışırsınızsa, bu şeylərin adlarını Mənə bildirin. İbn Cərir demişdir: “Bu ayənin mənası budur ki, Uca Allah mələklərə müraciət edərək deyir: “Ey Mənə müraciət edərək: “Sən orada fəsad törədib qan salacaq bir məxluqmu yerləşdirəcəksən? Bu məxluq bizdən fərqli olacaqmı, yoxsa bizdən olacaq? Halbuki biz Səni həmd-səna ilə tərifləyirik və Səni müqəddəs tuturuq”, – söyləyən mələklər! Əgər bu sözünüz doğrudursa, o zaman sizə göstərdiklərimin adlarını deyin. Əgər deyirsinizsə ki, mən yer üzündə yaradacağım xəlifəni sizdən deyil, başqasından yaratmış olsam, onun zürriyyəti mənə asilik edəcək və yer üzündə fəsad törədib, qanlar tökəcək, lakin əgər sizi yer üzünə buraxmış olsam, Mənə itaət edəcək, Məni həmd-səna ilə tərifləyib, müqəddəs tutaraq əmrlərimə tabe olacaqsınız, o zaman sizə göstərdiklərimin adlarını deyin. Əgər sizə göstərdiyim bu şeylərin adlarını gözlə gördüyünüz halda bilmirsinizsə, o zaman baş verməmiş və aqibəti bilinməyən hadisələri heç bilə bilməzsiniz.
“Onlar dedilər: ”Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
Bu, mələklərin Uca Allahı bütün nöqsanlardan uzaq tutub, təqdis etmələridir. Allahın öyrətdiyi kəs istisna olmaqla, heç bir məxluq Allahın istəyi olmadan Onun elmindən heç bir şey qavraya və ya öyrənə bilməz. Bu səbəbdən mələklər dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”, yəni hər şeyi Bilən, yaratmağında və əmrlərində, istədiyinə elm verib, istədiyini də elmdən məhrum etməyində hikmət sahibi Sənsən. Sən tam hikmət və tam ədalət Sahibisən.
İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, “Subhən-Allah” (Allah pak və müqəddəsdir) sözünün mənası Allahın Özünü bütün pisliklərdən uzaq tutmasıdır. Sonra bir dəfə Ömər Əli və ətrafında olan səhabələrə dedi: ”Lə İləhə İlləllah” (Allahdan başqa haqq məbud yoxdur) kəlməsinin mənasını artıq bilirik. Bəs “Subhən-Allah” (Allah pak və müqəddəsdir) sözünün mənası nədir? Əli ona dedi: “Bu, Allahın Özü üçün sevib, razı qaldığı və söylənilməsini xoşladığı bir sözdür”.
Uca Allah buyurur: ”Ey Adəm, bunların adlarını onlara bildir!” O bunların adlarını onlara bildirdikdə”. Mucahid demişdir: “Göyərçinin, qarğanın və s. hər şeyin adını”. Həmçinin bu təfsir Səid ibn Cubeyir, əl-Həsən və Qatədədən nəql olunur. Adəmin Allahın ona öyrətdiyi kimi əşyaların adını sıralaması ilə mələklər üzərində üstünlüyü bilindikdən sonra Uca Allah mələklərə dedi: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”, yəni bundan əvvəl mən sizə bildirmədimmi ki, Mən aşkarda və gizlində olan qeybi bilirəm? Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir” (“Tahə”, 7). Həmçinin başqa bir ayədə Uca Allah Hud-hudun (şanapipiyin) Süleymana (ona salam olsun) belə dediyini xəbər verərək buyurur: “Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər. Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur” (“ən-Nəml”, 25-26).
İbn Cərir demişdir: “Uca Allahın: “aşkara çıxartdığınızı bilirəm” ayəsinin mənası, yəni “Mən göylərin və yerin qeybini (sirrini) bildiyim kimi, sizin dilinizlə aşkara çıxartdığınızı və “gizli saxladığınızı”, – yəni içinizdə gizli saxladığınız şeyləri də bilərəm. Heç nə Mənə gizli qala bilməz. Sizin gizlətdiyiniz də, aşkara çıxartdığınız da Mənim üçün eynidir”. Mələklərin dilləri ilə aşkara çıxartdıqları: “Sən orada fəsad törədib, qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – demələri idi. Gizlətdikləri isə İblisin Allahın əmrlərinə müxalif olub, itaətinə təkəbbürlük etmək arzusunu gizlətməsi idi”. İbn Cərir demişdir: “Bu cür ifadə doğrudur, çünki ərəblər “qoşun öldürüldü və məğlub oldu”, – deyirlər. Halbuki öldürülən və məğlub olan qoşundan bir nəfər və ya bir qisim olur. Lakin məğlub olan və ya öldürülən barədə verilən xəbər bütün qoşuna aid edilir. Necə ki Uca Allah buyurur: “Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar” (“əl-Hucurat”, 4). Halbuki rəvayət edildiyinə görə, Peyğəmbəri ﷺ səsləyən Bənu Təmim qəbiləsindən olan bir nəfər olub. Həmçinin Uca Allahın: “Sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?” – deməsi də bu qəbildəndir”.
əl-Bəqərə, 34
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
34. Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.

 
Bu, Uca Allahın Adəmə (ona salam olsun) göstərdiyi böyük hörməti ilə onun nəslinə bəxş etdiyi mərhəmətidir. Belə ki O, mələklərə Adəmə (ona salam olsun) səcdə etməsini əmr etdiyini bildirmişdir. Bir çox hədislər, o cümlədən əvvəl qeyd etdiyimiz şəfaət hədisi buna dəlalət edir. Bu hədislərdən biri də Musanın (ona salam olsun) hədisidir, belə ki o demişdir: “Ey Rəbbim, bizi və özünü Cənnətdən çıxaran Adəmi mənə göstər”. Adəmlə qarşılaşdıqdan sonra isə ona dedi: “Allahın Öz Əlləri ilə yaratdığı, Öz ruhundan üfürdüyü və mələkləri səcdə etdirdiyi Adəm sənsənmi?” Hədisin davamı Allahın izni ilə qarşıda gələcək.
Məqsəd budur ki, Uca Allah mələklərə Adəmə səcdə etmələrini buyurduqda, bu xitab İblisə də aid idi. Çünki o, mənşəcə mələklərdən olmasa da, əməllərində onlara bənzəmiş və buna görə onlara yönələn xitaba daxil olmuşdu. Sonra isə əmrə tabe olmadığına görə qınanmışdı. Biz Allahın izni ilə bu məsələni Uca Allahın: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”- demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi” (“əl-Kəhf”, 50) ayəsinin təfsirində açıqlayacağıq.
Qatədə Uca Allahın: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”- dedikdə” ayəsinin təfsirində deyir: “Uca Allahın bu əmrində məqsəd Allaha itaət, Adəmə isə səcdə etmək idi. Allah mələklərini Adəmə səcdə etdirməklə onu şərəfləndirdi. Bəzi təfsirçilər demişlər: “Bu səcdə salamlama və hörmət səcdəsi idi. Necə ki Uca Allah buyurur: “O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi” (“Yusuf”, 100). Bu səcdə növü (salam və hörmət səcdəsi) əvvəlki ümmətlərdə şəriət baxımından icazəli idi. Bizim ümmətdə isə bu hökm ləğv olunub.
Qatədə Uca Allahın: “İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu” ayəsinin təfsirində deyir: “Allahın düşməni İblis Adəmi qısqandı, Allahın ona verdiyi bu şərəfə həsəd apardı və dedi: “Mən oddan yaranmışam, bu isə palçıqdan”. Bu səbəbdən günahların başlanğıcı təkəbbür oldu. Allahın düşməni olan İblis Adəmə səcdə etməyə təkəbbür göstərdi.
əl-Bəqərə, 35-36
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ (35) فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ
35. Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin, için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
36. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”.

 
 Uca Allah əvvəlki ayələrdə Adəmi şərəfləndirərək mələklərin ona səcdə etməsini buyurduğunu və İblisdən başqa mələklərin hamısının ona səcdə etdiyini bildirdikdən sonra, bu ayələrdə Adəmə Cənnətdə istədiyi kimi yaşamasına, istədiyi şeydən “rahatlıqla”, yəni nuşcanlıqla, bolluqla, gözəl şəkildə yeməsini icazə verdiyini bildirmişdir.
əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh Əbu Zərin (Allah ondan razı olsun) dediyini rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, sənə Adəm göstərildimi? Görəsən, o, peyğəmbər idi?” Peyğəmbər ﷺ dedi: “Bəli, o, peyğəmbər və Allahın Elçisi idi. Allah onunla qarşı-qarşıya danışaraq ona: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol”, – deyə buyurmuşdu”. (ət-Tabərani “Mucəmul-Əvsat” 4269, 7335. Hədis münkərdir. Bax: “Silsilə əd-Daifə” 4063).
Adəmin məskunlaşdığı Cənnətin səmada, yoxsa yer üzündə olması barədə təfsir alimləri arasında fikir ayrılığı var. Əksər alimlər onun səmada olduğu qənaətindədirlər. Bu xüsusda açıqlama Allahın izni ilə “əl-Əraf” surəsində gələcək. Ayənin məzmununa görə, Həvva Adəm Cənnətə girməmişdən əvvəl yaradılıb, lakin Həvvanın yaranışının Adəmin Cənnətə girməsindən sonra olması da deyilir.
Uca  Allahın “təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız” ayəsinə gəlincə, bu, Adəmin Allah tərəfindən imtahana, sınağa çəkilməsi idi. Ayədə qeyd olunan ağacın növü barədə təfsir alimləri arasında fikir ayrılığı var. Bu hansı ağac idi? [əl-Hafiz İbn Kəsir burada alimlərin rəylərini gətirmiş, sonra demişdir:] İmam, böyük alim Əbu Cəfər İbn Cərir demişdir: “Bu məsələdə doğru olan budur ki, Uca Allah Adəmə və onun həyat yoldaşına Cənnət ağaclarından birinin meyvəsini yeməyi qadağan etdi. Digər ağacların meyvələrindən yeməyə isə icazə verdi. Onlar isə qadağan olunmuş ağacın meyvəsindən yedilər. Bu ağacın xüsusi olaraq hansı ağac olduğu bizə məlum deyil. Çünki Uca Allah qullarına bu barədə nə Quranda, nə də səhih Sünnədə bir məlumat verməmişdir. Bəziləri bu ağacın buğda, bəziləri üzüm, bəziləri isə əncir ağacı olduğunu demişlər. Bu sadalananlardan hər hansı biri ola bilər. Bu elə bir elmdir (məlumatdır) ki, onu bilmək insana heç bir fayda verməz, bilməyənə isə heç bir zərəri yoxdur. Ən doğrusunu Uca Allah bilir”.
Uca Allah buyurur: “Şeytan isə onları onunla (ağacla) çaşdırıb olduqları yerdən çıxartdı”. Bu ayədə عَنْهَا [anhə] “onunla” sözündəki şəxs əvəzliyi Cənnətə aid ola bilər. Bu zaman məna İbn Əbu ən-Nəcud Asim ibn Bəhdələnin dediyi kimi: “Şeytan isə onları oradan uzaqlaşdırıb”, yəni “onları Cənnətdən uzaqlaşdırıb” kimi olur. Həmçinin, عَنْهَا [anhə] “onunla” sözündəki şəxs əvəzliyi ən yaxın olan sözə, yəni ağaca aid ola bilər. Bu zaman ayənin mənası əl-Həsən və Qatədənin dediyi kimi olur: “Şeytan isə onları onunla (ağacla) çaşdırıb”, yəni “ağac səbəbi ilə çaşdırıb”. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər” (“əz-Zəriyət”, 9). Yəni döndərilən kəs onun səbəbindən döndərilər. Bu səbəbdən Uca Allah ayənin ardında buyurur: “...Olduqları yerdən çıxartdı”, yəni içində olduqları libas, geniş mənzil, gözəl ruzi və rahatlılq nemətlərindən.
Uca Allah buyurur: “Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”, yəni qalacaq yer, ruzilər və “müəyyən olunmuş vaxtadək” əcəllər var. Yəni bu deyilənlər müəyyən olunmuş vaxta qədər olacaq, sonra isə Qiyamət baş verəcək.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gündə Cənnətə daxil edilmiş və o gündə də oradan çıxarılmışdır”. (Muslim, 1411, 2014; ən-Nəsəi “Sunən” 1357, 1374, 1385). Hədisi Muslim və ən-Nəsəi rəvayət etmişlər. (Dövrümüzün yazar və ədiblərinin öz yazılarında adət etdikləri iftiradan biri budur ki, güya Adəmi Həvva yoldan çıxarmış və o da ağacın meyvəsindən yemişdir. Əslində, onlar Kitab əhlindən olan yalançı və iftiraçıların təhrif edtikləri yalan və uydurmalara inanaraq belə deyirlər. Sonra utanmaz qəzetləri və əxlaqdan uzaq jurnallarında Adəm və Həvvanı ələ salaraq onların şəkillərini pis formada çəkirlər. Bununla da dinə və ilk Peyğəmbərə qarşı ədəbsizlik edirlər. Heç bir müsəlmana belə demək və belə etmək yaraşmaz. Uca Allah bizi onların dediklərindən və etdiklərindən qorusun! (Əhməd Şakir).
Fəxruddin demişdir: “Bil ki, bu ayələrdə günahların böyük təhlükə olması bir neçə cəhətdən görünür. Birincisi: Kiçik bir xəta etməsi səbəbindən Adəmin başına gələnləri təsəvvür edən günah etməkdən qorxar. Bu xüsusda şair demişdir:
يَا نَاظِرًا يَرْنُو بِعَيْنَيْ رَاقِدٍ   ...  وَمُشَاهِدًا لِلْأَمْرِ غَيْرَ مُشَاهِدِ ...
تَصِلُ الذُّنُوبَ إِلَى الذُّنُوبِ وَتَرْتَجِي     ...  دَرَجَ الْجِنَانِ وَنَيْلَ فَوْزِ الْعَابِدِ ...
أَنَسِيتَ رَبَّكَ حِينَ أَخْرَجَ آدَمًا    ...   مِنْهَا إِلَى الدُّنْيَا بِذَنْبٍ وَاحِدِ ...
Ey yatmış insanın gözləri ilə baxan,
halını görmədən müşahidə edən.
Günah dalınca günah edirsən, sonra
abid insanın nail olacağı Cənnəti arzu edirsən.
Unutdunmu Rəbbini o zaman ki Adəmi
oradan (Cənnətdən) dünyaya endirdi bir günah səbəbindən (Həmçinin İbn Kəsir bu ayənin təfsirində çox mühüm bir məsələyə toxunur. Bu məsələni Əhməd Şakir müxtəsərə əlavə etməmişdir. Lakin biz bu məsələnin qeyd edilməsini uyğun bildik. İbn Kəsir deyir: “Əgər soruşulsa ki, Adəmin çıxarılaraq yer üzünə endirildiyi Cənnət əksər alimlərin dediyi kimi göydədirsə və İblis oradan qovulmuşdusa, o zaman yenidən ora necə girə bildi? Əksər təfsir alimləri bu sualı bir neçə cür cavablandırmışlar. Birinci cavab: İblisə qadağan olunan Cənnətə ehtiram olunaraq gözəl şəkildə daxil olmaq idi. Amma oğrun-oğrun, alçalaraq daxil olması mümkün idi. Bu səbəbdən bəzi təfsir alimləri Tövratda yazıldığı kimi, İblisin bir ilanın ağzında Cənnətə girdiyini demişlər. Bəzi alimlər isə demişlər: “Ola bilsin, Cənnət qapısının çölündən onlara vəsvəsə etmişdir”. Bəziləri isə demişlər: “İblis yer üzündə, Adəm və Həvva isə Cənnətdə ikən onlara vəsvəsə etmişdir”).
əl-Bəqərə, 37
فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
37. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da, O, tövbələri qəbul edəndir, Rəhmlidir.

 
Təfsir alimləri ayədə keçən “kəlmələr” sözünün Uca Allahın: “Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”, – dedilər” (“əl-Əraf”, 23) ayəsi ilə təfsir olunduğunu deyirlər. İbn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi”, yəni “Adəm dedi: “Ey Rəbbim! Məni əlinlə yaratmadınmı?” Uca Allah: “Bəli”, – dedi. Adəm dedi: “Öz ruhundan mənə üfürmədinmi?” Uca Allah: “Bəli”, – dedi. Adəm dedi: “Əgər tövbə edib, əməllərimi islah etsəm, məni Cənnətə qaytararsanmı?” Uca Allah: “Bəli”, – dedi”. (əl-Hakim, 4002. Hədis səhih mərfudur). Hədisi əl-Hakim “Mustədrək” kitabında Səid ibn Cubeyrin vasitəsilə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Sonra demişdir: “Hədisin isnadı səhihdir, əl-Buxari və Muslim rəvayət etməmişlər”. (Bu hədisi İbn Kəsir zəif sənədlə, əs-Suddinin vasitəsilə rəvayət etmişdir. Sonra onu əl-Hakimə nisbət etmişdir. əl-Hakimin “Mustədrək” (2/545) kitabındakı rəvayəti müxtəsər olaraq araşdırmışam. əz-Zəhəbi əl-Hakimin hədisi səhih adlandırması ilə razılaşmışdır. (Əhməd Şakir).
Uca Allah buyurur: “Doğrudan da, O, tövbələri qəbul Edəndir, Rəhmlidir”, – yəni, həqiqətən, O, tövbə edib, Ona üz tutanların tövbəsini qəbul Edəndir. Necə ki başqa bir ayədə buyurur: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?” (“ət-Tövbə”, 104). “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər” (“ən-Nisa”, 110). “Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da, Allaha tərəf qayıtmış olar” (“əl-Furqan”, 71). Quranda bundan başqa Allahın günahları bağışlayıb, tövbə edənlərin tövbəsini qəbul etməsinə dəlalət edən bir çox ayələr var. Bu da Allahın yaratdıqlarına lütfü və qullarına mərhəmətidir. Şübhəsiz ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, tövbələri qədul Edəndir, Rəhmlidir.
əl-Bəqərə, 38-39
قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ * وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
38. Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
39. Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!

 
Uca Allah bu ayələrdə Adəmi, həyat yoldaşını və İblisi Cənnətdən çıxarıb yer üzünə endirərkən onlara etdiyi xəbərdarlığı bildirir. Burada onların zürriyyəti nəzərdə tutulur. Uca Allah bildirir ki, onlara Kitablar endiriləcək, özlərindən peyğəmbərlər və elçilər göndəriləcək. “Mənim yol göstəricimin ardınca gedənlərə”, yəni endirilən Kitablara və göndərilən peyğəmbərlərə iman gətirənlərə, “heç bir qorxu yoxdur”, yəni qarşılaşacaqları Axirətlə əlaqəli məsələlərdə, “və onlar kədərlənməyəcəklər” – yəni dünyada itirdikləri şeylərə görə. Necə ki Uca Allah “Tahə” surəsində buyurur: “Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar” (“Tahə”, 123). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni dünyada azğınlığa düşməz, axirətdə isə bədbəxt olmaz”. “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (“Tahə”, 124). Necə ki burada buyurur: “Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!”, yəni odda əbədi qalacaqlar, qaçıb xilas olmaları qeyri-mümkündür. İbn Cərir Əbu Səid Səd ibn Məlik əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Cəhənnəm əhli olan cəhənnəmliklərə gəlincə onlar orada nə ölüb əzabdan qurtula biləcəklər, nə də yaşayıb həyatdan zövq ala biləcəklər. Ancaq orada günahları (və ya xətaları) üzündən özlərinə atəş toxunmuş bir qrup insan olacaq ki, Allah bu insanlara bir müddət əzab verdikdən sonra onları öldürəcək. Nəhayət, kömür kimi olduqları zaman onlara şəfaət edilməsinə izin veriləcək”. (Muslim, 271, 477). Muslim belə rəvayət etmişdir. (Hədisin bu mətnini ət-Tabəri rəvayət etmişdir (797). Hədis Səhih Muslimdə (1/67-68) (459) daha geniş şəkildə rəvayət olunub. Hədisin təxricini ət-Tabərinin təfsirində vermişik. (Əhməd Şakir) qəbul Edəndir, Rəhmlidir.
əl-Bəqərə, 40-41
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ * وَآمِنُوا بِمَا أَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَإِيَّايَ فَاتَّقُونِ
40. Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!
41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.

 
Uca Allah bu ayələrdə İsrail oğullarına İslamı qəbul etməyi və Muhəmməd Peyğəmbərə ﷺ tabe olmağı əmr edir və onları buna rəğbətləndirmək üçün ataları İsraili , yəni Allahın Peyğəmbəri Yaqubu (ona salam olsun) xatırladır. Beləliklə, ayənin mənası belə olur: Ey Allaha itaət edən əməlisaleh qulun oğulları, siz də haqqa tabe olmaqda atanız kimi olun! Necə ki kimisə rəğbətləndirmək məqsədilə deyirsən: “Ey səxavətli insanın oğlu, sən də belə et!”, “ey şücaətli insanın oğlu, sən də qəhrəmanlıq göstər!”, “ey alimin oğlu, sən də elm al!” Uca Allahın bu ayəsi də bu mənadadır: “Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli! Nuh, doğrudan da, Bizə minnətdar olan bir qul idi” (“əl-İsra”, 3). İsrail dedikdə Yaqub (ona salam olsun) nəzərdə tutulur. Buna dəlil Əbu Davud əl-Tayəlisinin hədisidir. Həmin hədisdə Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə yəhudilərdən ibarət bir toplum Peyğəmbərin ﷺ yanına gəlmişdi. Peyğəmbər ﷺ onlara dedi: “İsrailin Yaqub olduğunu bilirsinizmi?” Onlar dedilər: “Bəli, elədir”. Peyğəmbər ﷺ dedi: “Allahım! Sən onların dediklərinə şahid ol!” (ət-Tayəlisi “Musnəd” 2731, 2854).
Uca Allah buyurur: “Sizə bağışladığım nemətimi yadınıza salın”. Mucahid demişdir: “Uca Allahın İsrail oğullarına verdiyi nemətlər Quranda bizə bildirdiyi – onlar üçün daşdan çeşmə qaynadıb çıxarması, manna və bildirçin endirməsi, Firon ailəsinə qul olmaqdan xilas etməsi və digər bildirmədiyi nemətlərdir”.
Əbul-Aliyə demişdir: “Allahın onlara neməti – özlərindən peyğəmbərlər və elçilər göndərməsi və Kitablar endirməsidir”. Mən deyirəm: “Bu, Musanın onlara dediyi bu söz kimidir: “O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi” (“əl-Maidə”, 20), yəni sizin zamanınızda heç kəsə verilməmiş şeyləri sizə verdi”.
 “Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim” – İbn Abbas (Allah ondan razı olsun) bu ayəni təfsir edərək demişdir: “Yəni Muhəmməd Peyğəmbər ﷺ sizə gəldiyi zaman ona iman gətirəcəyiniz barədə sizdən aldığım əhdi yerinə yetirin ki, Mən də sizə onu təsdiq edib, ona tabe olduğunuz təqdirdə sizdən sonra gələn nəsillərinizin işlətdikləri günahlar səbəbi ilə üzərinizə düşən ağır yükü qaldırmaqla və sizi bu zəncirlərdən xilas etməklə verdiyim vədimi yerinə yetirim”. Əbul-Aliyə demişdir: “Allahın qulları ilə bağladığı əhd qullarının bu dinə tabe olmasını istədiyi İslam dinidir”.
Uca Allah buyurur: “Təkcə Məndən qorxun!”, yəni çəkinin. İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Yəni sizdən əvvəl ötüb-keçmiş atalarınızın başına gətirdiyim, sizin də yaxşı bildiyiniz meymuna və donuza döndərmə və s. bu kimi müsibətləri sizin də başınıza gətirərəm”. Bu ayə rəğbətləndirmədən qorxutmağa keçiddir. Uca Allah beləcə onları rəğbət və qorxu ilə dəvət edir ki, bəlkə, haqqa dönüb, Peyğəmbərə ﷺ tabe olarlar. Qurandan öyüd alarlar, onun qadağalarından çəkinər, əmrlərinə tabe olar və orada keçən xəbərləri təsdiq edərlər. Allah istədiyi kəsi doğru yola yönəldir. Buna görə Uca Allah buyurur: “Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin”. “Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə”, yəni Qurana iman gətirin. O Quran ki Allah onu yazıb-oxumağı bilməyən, mənşəcə ərəb olan  Muhəmməd Peyğəmbərə ﷺ müjdə verən, xəbərdar edən və nur saçan bir çıraq kimi nazil etmişdir. O Quran ki Allahdan gələn haqqı ehtiva etmiş və özündən əvvəlki Tövratı və İncili təsdiq etmişdir.
Uca Allah buyurur: “Onu inkar edənlərin ən birincisi olmayın!” İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Yəni Quran barədə başqalarında olmayan elm sizdə olduğu halda, onu ilk inkar edənlər siz olmayın”. Əbul-Aliyə isə ayə barədə belə demişdir: “Uca Allah deyir: “Muhəmmədi ilk inkar edən siz olmayın”. Həmçinin əl-Həsən, əs-Suddi və ər-Rabi ibn Ənəs də bunu demişlər. İbn Cərir isə ayədəki بِهِ [bihi] “onu” sözündəki şəxs əvəzliyinin əvvəl keçən – “nazil etdiyimə (Qurana)” ifadəsindəki Qurana aid olması fikrini seçmişdir. Hər iki rəy (əvəzliyin Qurana və ya Peyğəmbərə ﷺ aid olması) doğrudur. Belə ki hər ikisi bir-biri ilə sıx əlaqəlidir və bir-birini tələb edir, çünki Quranı inkar edən Muhammədi ﷺ inkar etmiş, Muhəmmədi ﷺ inkar edən də Quranı inkar etmiş sayılır.
Uca Allahın: “Onu inkar edənlərin ən birincisi olmayın!” – sözünə gəlincə, burada İsrail oğullarından onu ilk inkar edənlər nəzərdə tutulmuşdur. Çünki İsrail oğullarından əvvəl Qureyş kafirləri və digər ərəblərdən bir çoxları Quranı artıq inkar etmişdilər. Burada isə İsrail oğullarından Quranı ilk olaraq dərhal inkar edənlər nəzərdə tutulur. Həqiqətən, Quranda (adları çəkilərək) müraciət olunan ilk İsrail oğulları Mədinə yəhudiləridir. Onların Quranı inkar etmələri göstərir ki, ayədə nəzərdə tutulan ilk inkar edənlər məhz onlardır.
Uca Allah buyurur: “Mənim ayələrimi ucuz qiymətə satmayın”, yəni “ayələrimə iman gətirməyi, Peyğəmbərimi təsdiq etməyi, dünya nemətləri və ehtiraslara dəyişməyin, çünki onlar (Axirət nemətləri ilə müqayisədə) çox az bir şeydir və fanidir.
Uca Allah buyurur: “və yalnız Məndən qorxun”. İbn Əbu Hatim Talq ibn Həbibin (Talq ibn Həbib əl-Ənəzi – tabiindir, etibarlı və ədalətlidir. Öz dövrünün ən abid insanlarından biri olub. Onun tərcümeyi-halı “ət-Təhzib” kitabında yer almışdır. Həmçinin Əbu Nueym “əl-Hilyə” kitabında (3/63-66) onun tərcümeyi-halını yazmış və bu sözü mənaca ondan rəvayət etmişdir. (Əhməd Şakir) belə dediyini rəvayət etmişdir: “Allah qorxusu (Təqva) Allahın rəhmətini umaraq, Allahdan gələn nurla Allaha itaət etməkdir. Allah qorxusu (Təqva) Allahın əzabından qorxaraq, Allahdan gələn nurla asilikləri tərk etməkdir”.
Beləliklə, Uca Allahın “və yalnız Məndən qorxun” sözünün mənası belədir ki, bu ayədə Uca Allah yəhudilərin əllərində əsas tutduqları haqqı gizlətmək, haqqa zidd olanı üzə çıxartmaq və Peyğəmbərə ﷺ müxalif olmaq kimi əməllərinə görə onları təhdid etmişdir.
əl-Bəqərə, 42-43
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ * وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ
42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.
43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

 
Uca Allah yəhudilərə əllərində əsas tutduqları haqqa batil donu geyindirməklə haqqı örtmək, haqqı gizlədib batili üzə çıxarmaq kimi əməlləri qadağan edərək buyurur: “Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin”. Bu ayədə Uca Allah  yəhudilərə iki şeyi birdən (haqqa batil donu geyindirməyi və haqqı gizlətməyi) qadağan etmiş və haqqı üzə çıxarıb açıq-aydın bildirməyi əmr etmişdir. Bunun üçün İbn Abbas (Allah ondan razı olsun) ayəni belə təfsir etmişdir: “Haqq ilə batili, doğru ilə yanlışı bir-birinə qarışdırmayın”. Həmçinin demişdir: “Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin”, yəni “sizin yanınızda olan Peyğəmbəri və onun gətirdiyi haqqı gizlətməyin. Siz əlinizdə olan kitabda (Tövratda) onun Peyğəmbər olmasının yazılmış olduğunu yaxşı bilirsiniz”.
Mən deyirəm: “Ayədəki تَكْتُمُوا [təktumu] “gizlətməyin” feilinin həm məczum (feilin şərt formasında), həm də mənsub (feilin arzu formasında) olması ehtimal oluna bilər. Yəni bu iki xüsusiyyəti (haqqa batil donu geyindirmək və haqqı gizlətmək) özünüzdə cəm etməyin! Necə ki deyirsən: “Balığı yeyib, üstündən süd içmə!”
“Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” Muqatil bu ayə barədə demişdir: “Uca Allah bu ayədə “Namaz qılın” buyurmaqla Kitab əhlinə (yəhudilər və xaçpərəstlərə) Peyğəmbərlə ﷺ birlikdə namaz qılmalarını, “zəkat verin!” buyurmaqla zəkat vermələrini, yəni zəkatlarını Peyğəmbərə ﷺ təhvil vermələrini əmr etmişdir. Yəni namaz qılıb zəkat verənlərdən və onlarla birlikdə olanlardan olun. “Rüku edənlərlə birlikdə rüku edin!” buyurmaqla, möminlərin yerinə yetirdikləri ən gözəl əməli həyata keçirərək möminlərlə birlikdə olmağı əmr edir. Bu əməllərdən ən əsas olanı və ən kamili namazdır”.
Bir çox alimlər bu ayəni camaat namazının vacib olmasına dəlil gətirmişlər. Allahın izni ilə bu barədə “əl-Əhkəm əl-Kəbir” kitabında ətraflı danışılıb.
əl-Bəqərə, 44
أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلَا تَعْقِلُونَ
44. Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda özünüzü unudursunuz? Məgər anlamırsınız?

 
Uca Allah bu ayədə buyurur: “Ey Kitab əhli, insanlara yaxşılığı, yəni bütün xeyirli işləri əmr etdiyiniz halda, özünüzü unutmanız və insanlara əmr etdiklərinizi tərk etməyiniz sizə heç yaraşarmı? Bununla belə, siz Kitab oxuyur və Allahın əmrlərinə laqeyd yanaşanların halının necə olacağını bilirsiniz. Öz-özünüzə nə etdiyinizi anlamırsınızmı? Yuxudan oyanın və kor olmayın, gözünüzü açın!”
Qatədə “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz?” ayəsinin təfsirində demişdir: “İsrail oğulları insanlara Allaha itaət etməyi və Allahdan qorxmağı əmr edir, özləri isə Allahın əmrlərindən çıxırdılar. Bu səbəbdən
Uca Allah bu ayə ilə onları məzəmmət etmişdir. Kim bir xeyir əməli əmr edirsə, qoy özü hamıdan əvvəl ona əməl etsin!”
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Özünüzü unudursunuz?”, yəni özünüzü tərk edirsiniz? “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?”, yəni “siz sizə gələn peyğəmbərlərin vəsiyyətinə və Tövratdakı əhdə görə insanlara küfr danışmağı qadağan edirsiniz, amma özünüzü unudursunuz? Yəni siz Tövratda adı keçən Peyğəmbərimi təsdiq etmək barədə sizdən aldığım əhdi pozur və Kitabımdakı haqqı bildiyiniz halda inkarmı edirsiniz?”
Əbud-Dərdə (Allah ondan razı olsun) demişdir: “Kişi insanların etdiyi günahlara görə onlara yalnız Allah naminə nifrət etməyincə, sonra özünə qayıtdıqda özündəki nöqsanları görüb bundan daha çox özünə nifrət etməyincə tam dərrakə sahibi sayılmaz”. (ət-Tabəri, 846. Əsəri həmçinin əl-Beyhəqi “əl-Əsmə vəs-Sifət” kitabında (səh. 210) rəvayət etmişdir. Əsərin təxricini ət-Tabəridə gətirmişik (Əhməd Şakir). Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3379).
Bu ayədə məqsəd budur: Uca Allah yəhudiləri etdikləri bu davranışa görə məzəmmət etmiş və özlərinə qarşı etdikləri səhvi diqqətlərinə çatdırmışdır. Belə ki onlar insanlara xeyri əmr edir, özləri isə onu etmirdilər. Ayədə onların məzəmmət olunmasına səbəb etmədikləri halda yaxşılığı əmr etmələri deyil, əmr etdiklərinə əməl etməmələridir. Çünki yaxşılığı əmr etmək onu bilən hər kəs üçün vacibdir. Lakin vacib olan və ən yaxşısı budur ki, yaxşılığı əmr etməklə yanaşı, əmr edənin özü də dediklərinə əməl etsin və onlardan geri qalmasın. Necə ki Şueyb Peyğəmbər ﷺ demişdir: “O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan etdiklərimi özüm etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam” (Hud, 88). Yaxşılığı əmr etmək və ona əməl etmək vacibdir. Sələf (əvvəlki) və xələf (onlardan sonra gələn) alimlərin bu mövzuda dedikləri iki rəydən ən düzgün olanı budur ki, bu iki əməldən (yaxşılığı əmr etmək və ona əməl etmək) birini yerinə yetirməzsə, digərinin vacibliyi insanın üzərindən düşmür. Bəzi alimlər isə demişlər: “Günah edən şəxs başqalarını bu günahdan çəkindirə bilməz”. Lakin bu rəy zəifdir. Bundan daha zəif olanı isə bu rəydə olanların bu ayəyə istinad etmələridir. Bu ayədə onların dediklərinə heç bir dəlil yoxdur. Doğru olan budur ki, yaxşılığı bilən adam özü buna əməl etməsə də, yaxşılığı başqalarına əmr etməli, özü günah etsə də, insanları pisliklərdən çəkindirməlidir. Lakin bu adam səhvlərini bildiyi və dərk etdiyi halda itaəti tərk etdiyinə və günah işlədiyinə görə qınanır. Çünki günahlarını bilənlə bilməyən eyni deyildir. Bu səbəbdən hədislərdə bu əməli edənlərə təhdid gəlmişdir. ət-Tabəri “əl-Kəbir” kitabında Cundub ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İnsanlara xeyiri öyrədib özü isə ona əməl etməyən alimin məsəli, özünü yandıraraq insanlara işıq saçan çırağa bənzəyir”. (Bu hədis əl-Heysəminin əz-Zəvəid kitabında (1/184-185) rəvayət etdiyi hədisin bir hissəsidir. əl-Heysəmi demişdir: “Hədisi ət-Tabərani əl-Kəbir kitabında rəvayət etmişdir. Hədisi rəvayət edənlər etibarlıdırlar”. Sonra ət-Tabəraninin vasitəsi ilə bu hədisə yaxın mənalı hədis gətirmişdir (6/231-232). Hədisi iki yolla rəvayət etmişdir və hər ikisində zəiflik var. (Əhməd Şakir). Hədis bu şəkildə ğaribdir.
Əhmədin Ənəs ibn Məlikdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Meraca qaldırıldığım gecə ağızları oddan olan qayçılarla kəsilən bir toplum gördüm. Dedim: “Bunlar kimdir?” Mələklər dedilər: “Bunlar dünyada sənin ümmətindən olan, insanlara yaxşılığı əmr edib özlərini isə unudan xətiblərdir (moizə deyənlərdir). Onlar Kitab oxuduğu halda, dərk etmirlərmi?” (Əhməd, 12232, 12879. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Hədisi həmçinin Abd ibn Humeyd öz “Musnəd” və “Təfsir” kitablarında və İbn Mərdəveyh rəvayət etmişlər. (Musnəd (12237) (3/120 Hələb çapı). Buna mənaca yaxın hədisi İbn Hibbən “Səhih” kitabında (52) rəvayət etmişdir. Hədisin təxricini orad ətraflı vermişik. (Əhməd Şakir).
İmam Əhməd Əbu Vailin belə dediyini rəvayət etmişdir: “Usamə ilə bir miniyin tərkində idim və ondan: “Osman haqqında niyə danışmırsan?” – deyə soruşuldu. O dedi: “Görürsünüz ki, mən onun haqqında danışmıram, yalnız sizin dediklərinizi dinləyirəm. Bu söhbəti ilk açanın mən olmasını istəmədiyim üçün Osmanla mənim aramda olanları danışmaram. Allaha and olsun ki, Peyğəmbərin ﷺ dediyi bir hədisi eşitdikdən sonra üzərimdə əmir təyin olunsa belə, heç kəsə “sən insanların ən xeyirlisisən”, – demərəm”. Yanındakılar: “Peyğəmbərdən ﷺ eşitdiyin hədis nədir?” – deyə soruşduqda o dedi: “Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Qiyamət günü bir nəfər gətirilib Cəhənnəm oduna atılacaq. Onun bağırsaqları atəşin içinə töküləcək və o, dəyirmanın ətrafında fırlanan uzunqulaq kimi fırlanacaq. Cəhənnəm sakinləri onun başına yığışıb deyəcəklər: “Ay filankəs! Niyə bu kökə düşmüsən? Məgər sən bizə yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan etmirdinmi?” O deyəcək: “Mən sizə yaxşı işlər görməyi buyururdum, lakin özüm buna əməl etmirdim, pis əməlləri qadağan edirdim, amma özüm o işləri görürdüm”. (əl-Buxari, 3267; Muslim, 2989). Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Musnəd (5/205 Hələb çapı). (Əhməd Şakir).
əl-Bəqərə, 45-46
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ * الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ
45. Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.
46. O kəslər ki öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər.

 
Uca Allah bu ayələrlə qullarına, arzuladıqları dünya və Axirət xeyirlərini səbir və namazla Allahdan istəməyi buyurmuşdur. Necə ki Muqatil ibn Hayyan bu ayənin təfsirində demişdir: “Axirəti istəməyinizdə fərzlərə və namazlara səbir edərək Allahdan kömək diləyin”.
Səbrə gəlincə, bəzi alimlər onun oruc olduğunu deyirlər. Bunu Mucahid nəql etmişdir. Cureyy ibn Kuleyb Bənu Sələmə qəbiləsindən olan bir kişidən, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir ki, “Oruc səbrin yarısıdır”. (Müəllif hədisin təxricini verməmişdir. Hədisi Əhməd əl-Musnəddə (4/10, 5/363, 370, 372, Hələb çapı). Həmçinin əd-Dərimi (1/167) və ət-Tirmizi, (4/265) rəvayət etmişlər. ət-Tirmizi hədisi Həsən adlandırmışdır (Əhməd Şakir). Hədis zəifdir. Bax: Daif əl-Cami, 2509, 3228).
Bəzi alimlərin dediyinə görə isə ayədə səbir dedikdə günahlardan əl çəkmək nəzərdə tutulur. Bu səbəbdən Uca Allah səbir sözünü ibadətlərin ən üstünü olan namazla yanaşı zikr etmişdir. İbn Əbu Hatim Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Səbrin iki növü var: müsibət anında edilən səbir, bu, yaxşı əməldir. Ondan daha yaxşı olanı isə Allahın qadağalarına səbir etməkdir”. (Əsəri rəvayət edənlər etibarlı şəxslərdir. Lakin sanədində İshaq ibn Süleyman ilə Əbu Sinan arasında əlaqə qırılır. Onların arasından düşən şəxs böyük tabiinlərdən biri olan Yəzid ibn Umeyyə əd-Duəlidir (Əhməd Şakir).
Uca Allahın “namaz qılmaqla” sözünə gəlincə, şübhəsiz ki, namaz dində sabit qalmaq üçün ən böyük dəstəkdir. Necə ki Uca Allah buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir” (“əl-Ənkəbut”, 45).
İmam Əhməd ibn Hənbəl rəvayət edir ki, Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) belə demişdir: “Peyğəmbərə ﷺ bir çətinlik üz verəndə namaz qılardı”. (Əhməd, 23347, 23688; Əbu Davud, 1319. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4703). Hədisi həmçinin Əbu Davud rəvayət etmişdir. Eyni hədisi İbn Cərir başqa bir ləfzdə: “Peyğəmbərə ﷺ bir çətinlik üz verəndə tələsik namaza gedərdi”. (Hədisin hər iki ləfzini ət-Tabəri rəvayət etmişdir (849, 850). Hədisin təxrici barədə orada danışmışıq. Əhmədin rəvayəti “əl-Musnəd” kitabındadır (5/388, Hələb çapı). Əbu Davudun rəvayəti isə “Sunən”dədir (1319). (Əhməd Şakir).
Muhəmməd ibn Nasr əl-Mərvəzi “Namaz” kitabında Huzeyfənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bədr döyüşü baş verən günün gecəsi Peyğəmbərin ﷺ yanına qayıtdım. O, bürüncəyə bürünüb namaz qılırdı. Peyğəmbərə ﷺ bir çətinlik üz verəndə dərhal namaz qılardı”. Əlinin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Əgər Bədr döyüşü baş verən günün gecəsi bizi görsəydin, Peyğəmbərdən ﷺ başqa hamımızı yatmış görərdin. Yalnız Peyğəmbər ﷺ səhərə qədər yatmadı, namaz qılıb dua etdi”. (Bu iki hədis kitabın əl-Əzhər nüsxəsində yoxdur. Hər iki hədisin sənədi səhihdir (Əhməd Şakir). Əhməd, 1161; ən-Nəsəi “Sunənul-Kubra” 823, 825. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
İbn Cərir rəvayət edir ki, “bir dəfə İbn Abbas (Allah ondan razı olsun) səfərdə olarkən ona qardaşı Qusəmin ölüm xəbərini çatdırdılar. İbn Abbas (Allah ondan razı olsun) “innə lilləhi və innə ileyhi raciun” (Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!), – dedi. (Uca Allahın bu ayəsini əməl edərək: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (“əl-Bəqərə”, 155–157). Sonra yoldan kənara çəkildi. Dəvəsini otuzdurub düşdü. İki rükət namaz qıldı və səcdələri uzatdı. Namazı bitirdikdən sonra qalxdı və “Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir” ayəsini oxuya-oxuya miniyinə tərəf getdi”. (Hədis ət-Tabəridə (852) səhih sənədlə rəvayət edilmişdir).  
Suneyd Həccəcdən, o da İbn Cərirdən nəql edir ki, o “Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!”- ayəsinin təfsirində demişdir: “Bu ikisi (səbir və namaz) Allahın rəhmətini qazanmağa yardımçıdırlar”. (ət-Tabəri, 856).  
Ayədəki وَإنَّهَا [və innəhə] “Həqiqətən, o” ifadəsində “o” əvəzliyi namaza aiddir. Bunu Mucahid demişdir və İbn Cərir də bu rəyi seçmişdir. Lakin əvəzliyin ayənin dəlalət etdiyi məzmuna aid olması da ehtimal oluna bilər. Yəni bu tövsiyə Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. Necə ki Uca Allah Qarun barədə belə buyurur: “Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar” (“əl-Qasas”, 80). Başqa bir ayədə Uca Allah buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (“Fussilət”, 34–35). Yəni bu tövsiyə yalnız səbir edənlərə edilir və yanız “böyük qismət sahiblərinə nəsib olur”, yəni verilir, ilham olunur.
Nəzərdə tutulan nə olursa-olsun, Uca Allahın: “Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir” ayəsinin mənası belədir: “Allaha itaətdə boyun əyənlər, qüdrətindən qorxanlar, mükafatını və əzabını təsdiq edənlər istisna olmaqla, digərlərinə ağır bir yük və məşəqqətdir”. Bu ayə Peyğəmbərin ﷺ bir hədisdə gələn olan bu sözünə bənzəyir: “Sən əzəmətli bir şey haqqında soruşdun, o, Allahın asanlaşdırdığı kimsə üçün asandır”. (Bu uzun bir hədisdən bir parçadır. Hədisi Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir: “Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi, mənə Cənnətə daxil edəcək bir əməl bildir?” O buyurdu: “Sən əzəmətli bir şey haqqında soruşdun, o, Allahın asanlaşdırdığı kimsə üçün asandır. Sən fərz namazını qılmalı, zəkat verməli və Uca Allah ilə heç bir şeyi şərik qoşmayaraq görüşməlisən. Sənə işin əsası, sütunları və zirvəsini bildirim? İşin əsası İslamdır. Kim İslamı qəbul etsə, salamat olar. Onun sütunları namaz, zirvəsi isə Allah yolunda cihaddır. Sənə xeyir qapılarını bildirim? Oruc qalxandır, sədəqə vermək və qulun gecə ibadətə qalxması günahların kəffarəsidir”. (Sonra) bu ayəni oxudu: “Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər” (“əs-Səcdə”, 16). “Sənə bunların hamısına necə sahib olmağı göstərim?” Bir neçə nəfər gəldi və onların məni Allah Elçisindən ﷺ yayındıracaqlarından qorxdum. Mən dedim: “Ey Allahın Elçisi, sən mənə “Sənə bunların hamısına necə sahib olmağı göstərimmi?” – deyə söylədin”. Allah Elçisi ﷺ əli ilə dilini göstərdi. Dedim: “Ey Allahın Elçisi, doğrudan da, biz danışdıqlarımıza görə cəzalandırılacağıq?” O buyurdu: “Anan səni itirsin, ey Muaz! Məgər insanlar dillərinin törətdiklərinə görə üzüüstə oda atılmırlarmı?!” (Əhməd, 22121, 22719. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). İbn Cərir demişdir: “Ayənin mənası belədir: “Ey Kitab əhlinin rahibləri, özünüzü Allaha itaətdə saxlamaqla və namaz qılmaqla Allahdan kömək istəyin. O namaz ki insanı pis işlərdən çəkindirir və Allahın razılığını qazanmağa yaxınlaşdırır. Bunu etmək Allaha boyun əyən, Allahdan qorxan təvazökar kəslərdən başqaları üçün çətin və ağırdır”. İbn Cərir ayəni belə təfsir etmişdir. Lakin ayənin mənasından görünən budur ki, ayədə İsrail oğullarına müraciət olunsa da, xüsusi olaraq onlar nəzərdə tutulmamışdır. Ayə həm onları, həm də qeyrilərinə aiddir. Ən doğrusunu Allah bilir!
Uca Allah buyurur: “O kəslər ki öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər”. Bu ayə əvvəlki ayəni tamamlayır. Yəni, həqiqətən, namaz və ya bu tövsiyə öz Rəbbi ilə qarşılaşacaqlarını yəqin bilən Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. Onlar Qiyamət günü Rəbblərinin hüzuruna toplaşacaqlarını, gətiriləcəklərini və Onun hüzuruna qayıdacaqlarını yəqin bilirlər. Onlar bütün işlərinin Allahın istəyinə döndüyünü və Allahın da istədiyi kimi, ədalətli şəkildə onlar barəsində hökm verəcəyini bilirlər. Onlar öz Rəbbinə dönəcəklərinə və etdikləri əməllərin qarşılığını alacaqlarına yəqin inandıqları üçün əmrləri yerinə yetirib, qadağalardan çəkinmək onlara asan gəlir.
İbn Cərir Uca Allahın “O kəslər ki öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər” ayəsinin təfsirində demişdir: “Ərəblər bəzən ظَنَّ [zannə] “zənn etmək” feilini “yəqin bilmək”, bəzən də “şəkk etmək” mənasında işlədirlər. Bunun bənzəri qaranlığa da, işığa da سُدْفَة [sudfə], kömək edənə də, kömək istəyənə də صَارِخ [sarix] deyilməsidir. Həmçinin özü ilə əksi eyni adla adlandırılan digər sözlər də buna misaldır. Ərəb şeirlərində də zənn sözünün yəqinlik mənasında işlənməsinə misallar çoxdur. Uca Allahın bu ayəsi də buna misaldır: “Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər” (“əl-Kəhf”, 53). İbn Cərir Mucahiddən rəvayət etmişdir ki: “Quranda işlənən bütün ظَنَّ [zannə] “zənn etmək” feilləri yəqinlik mənasındadır”. Yəni “zənn etdim”, “onlar zənn etdilər” və s. O həmçinin Mucahiddən rəvayət etmişdir ki: “Quranda işlənən bütün ظَنَّ [zannə] “zənn etmək” feilləri “bilmək” mənasındadır”. Sənədi səhihdir. 
Muslimin “Səhih” əsərində gələn hədisdə Peyğəmbər ﷺ buyurur: “Qiyamət günü Allah bir qulla görüşəcək və ondan soruşacaq: “Ey filankəs, Mən səni (başqalarından) üstün etmədimmi? Sənə hakimiyyət vermədimmi? Sənə evlilik nəsib etmədimmi? At və dəvəni sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan (Cahiliyyət dövründə hökmdarlar qənimətin dörddə birini alardılar). başçı təyin etmədimmi?” Qul: “Bəli”, – deyə cavab verəcək. Allah soruşacaq: “Mənimlə görüşəcəyini bilirdinmi?” Qul: “Xeyr”, – deyə cavab verəcək. Allah buyuracaq: “Məni unutduğun kimi, Mən də səni unuduram (Yəni “sən Mənə itaət etmədiyin kimi, Mən də sənə Öz rəhmətimi qadağan edirəm”. (Muslim, 2968, 5270, 7628). Allahın izni ilə bu barədə daha geniş şəkildə Uca Allahın: “Onlar Allahı unutdular. Allah da onları unutdu” (“ət-Tövbə”, 67) ayəsinin təfsirində danışacağıq.
əl-Bəqərə, 47
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
47. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.

 
Uca Allah bu ayədə İsrail oğullarının atalarına və əcdadlarına verdiyi nemətləri və özlərinə peyğəmbərlər göndərərək, kitablar endirərək dövrlərində yaşayan digər millətlərdən üstün etməsini xatırladır. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq” (“əd-Duxan”, 32); “O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi” (“əl-Maidə”, 20).
Əbul-Aliyə “və sizi aləmlərdən üstün etdiyimi xatırlayın” ayəsinin təfsirində belə demişdir: “Hökmranlıq, kitablar və peyğəmbərlər verilərək o zamankı ümmətlərdən üstün edilmişdilər”. Mucahid və Qatədədən də buna bənzər bir rəvayət nəql edilmişdir.
Ayə bu mənada təfsir olunmalıdır, çünki bu ümmət (İslam ümməti) onlardan (İsrail oğullarından) daha üstündür. Uca Allah bu ümmətə xitab edərək belə buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı” (“Ali-İmran”, 110).
“Musnəd” və “Sünən” kitablarında Muaviyə ibn Həydə əl-Quşeyridən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Siz yetmiş ümməti tamamladınız. Siz (ümmətlərin) ən xeyirlisi və Allah qatında ən hörmətlisiniz”. (İbn Məcə, 4288, 4429. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 6285. Əhməd Şakir demişdir: “Buna bənzər hədisi həmçinin ət-Tirmizi (4/82-83) (3001), əl-Halim, (4/84) və ət-Tabəri rəvayət etmişlər. Hədisin təxrici barədə təfsilatlı orada danışmışıq”). Bu mənada olan hədislər çoxdur. Bu hədislər Uca Allahın “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” (“Ali-İmran”, 110) ayəsinin təfsirində qeyd olunacaq.
əl-Bəqərə, 48
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ
48. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir.

 
Uca Allah əvvəlki ayələrdə İsrail oğullarına bəxş etdiyi nemətlərini xatırlatdıqdan sonra bu ayədə Qiyamət günü onları başlarına gələcək əzabdan çəkindirərək buyurur: “Qorxun o gündən ki,”, yəni Qiyamət günündən, “o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək”, yəni heç kəs heç kəsə bir şeylə fayda verə bilməyəcək. Uca Allah başqa ayələrdə bu xüsusda buyurur: “Heç bir günahkar başqasının günahını daşımaz” (“əl-Ənam”, 164); “O gün onlardan hər birinin yetərincə işi olacaqdır” (“Əbəsə”, 37); “Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin” (“Loğman”, 33). Burada ən təsirli məqam odur ki, valideyn ilə övlad bir-birinə fayda verə bilməyəcək.
Daha sonra Uca Allah buyurur: “Heç kəsdən şəfaət qəbul olunmayacaq”, yəni kafirlərdən qəbul olunmayacaq. Necə ki başqa bir ayədə buyurur: “Odur ki şəfaət edənlərin şəfaəti onlara fayda verməz” (“əl-Muddəssir”, 48). Cəhənnəm əhli barədə isə buyurur: “İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var!” (“əş-Şuəra”, 100-101).
“Heç kəsdən bir fidyə alınmayacaq”, yəni oddan azad edilmələri üçün heç nə qəbul olunmayacaq.  Uca Allah başqa ayələrdə bu xüsusda buyurur: “Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaq” (“Ali-İmran”, 91); “Əgər yer üzündə olan hər şey, üstəlik, bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır” (“əl-Maidə”, 36); “O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq” (“əl-Ənam”, 70); “Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (“əl-Hədid”, 15). Uca Allah onlara bildirir ki, əgər Elçisinə inanmasalar, onun gətirdiyi dinə tabe olmasalar və Qiyamət günü Allahın hüzuruna bu halla gələrlərsə, bu onlara heç bir fayda verməz. Çünki o gün heç bir qohum qohumuna fayda verə bilməyəcək, heç bir şərəf sahibinin şəfaəti qəbul edilməyəcək, dünya dolusu qızıl fidyə versələr belə, onlardan qəbul olunmayacaq. Necə ki Uca Allah başqa ayələrdə buyurur: “Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin!” (“əl-Bəqərə”, 254); “İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər” (“İbrahim”, 31).
Ayənin sonunda Uca Allah buyurur: “və günahkarlara kömək göstərilməyəcək”, yəni heç kəs onlara kömək edib Allahın əzabından qurtara bilməz. Əvvəl qeyd etdiyimiz kimi, heç bir qohum, heç bir şərəf sahibinin onlara yazığı gəlməyəcək və onlardan fidyə də qəbul edilməyəcək. Bunların hamısı başqalarının onlara acıması baxımındandır. Həmçinin nə özləri, nə də başqaları onlara kömək edə bilməyəcək. Necə ki Uca Allah başqa ayədə buyurur: “Onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar” (“ət-Tariq”, 10), yəni Uca Allah ona küfr edən kəsləri oddan qurtarmaq üçün verilən nə bir fidyə, nə də onlar barədə edilən şəfaəti qəbul etməyəcək. Onları Allahın əzabından qurtaran tapılmaz və onları himayə edən də olmaz. Uca Allah başqa ayələrdə bu xüsusda buyurur: “De: “Əgər bilirsinizsə, deyin görüm, hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” (“əl-Muminun”, 88); “O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz” (“əl-Fəcr”, 25-26); “Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?” Bəli, onlar bu gün baş əyəcəklər!” (“əs-Saffət”, 25-26); “Bəs nəyə görə Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu onların iftiraları və uydurmalarıdır” (“əl-Əhqaf”, 28).
İbn Cərir Uca Allahın “və günahkarlara kömək göstərilməyəcəkdir” ayəsinin təfsirini belə vermişdir: “Yəni o gün heç bir şəfaət edənin onlar üçün şəfaət edə bilməyəcəyi kimi, heç bir köməkçi də onlara kömək edə bilməz. Onlardan heç bir fidyə qəbul olunmaz. Orada tərəfkeşlik bitmiş, rüşvət və şəfaətçilik artıq yoxdur. O gün toplumlardan yardımlaşma və bir-birini dəstəkləmə aradan qaldırılmış və hüzurunda şəfaətçilərin və köməkçilərin fayda vermədiyi Qüdrətli Allahın ədalətli hökmü olacaqdır. Pisliklər öz misli qədər cəzalandırılacaq, yaxşılıqların əvəzi isə qat-qat artıq veriləcək. Bütün bunlar Allahın bu ayəsinə bənzəyir: “Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”. Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?” Bəli, onlar bu gün baş əyəcəklər!” (“əs-Saffat”, 24–26).

əl-Bəqərə, 49-50
وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ وَفِي ذَلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ * وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ
49. Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.
50. O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.

 
Bu ayələrdə Uca Allah buyurur: “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın “Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik”, yəni sizi Firon tərəfdarlarının əlindən qurtarıb Musanın səhabələri etdim. “O vaxt onlar sizə ağır əzablar verir,” yəni ağır əzablar daddırırdılar. Çünki Firon – Allahın lənəti onun üzərinə olsun – bir yuxu görmüşdü və bu yuxu onu dəhşətə salmışdı. O, Qüdsdən çıxan bir odun Misirdəki İsrail oğullarının evlərindən başqa bütün qibtilərin evinə girdiyini görmüşdü. Bu yuxu Firon səltənətinin İsrail oğullarından bir kişinin əli ilə sona yetməsi mənasını verirdi. Bəzi təfsir alimləri isə demişlər: Fironun əyanları onun yanında söhbət açmışdılar ki, İsrail oğulları öz içərilərindən çıxan bir kişi sayəsində özlərinə dövlət və yüksəliş əldə edəcəklər. “əl-Futun” (sınaqlar) hədisində (əl-Futun (Sınaqlar) hədisi Musa, Firon və İsrail oğulları barəsində uzun hekayətdir. Hədisi ən-Nəsəi “Sunənul-Kubra” əsərində, ət-Tabəri və İbn Əbu Hatim rəvayət etmişlər. Müəllif Hafiz İbn Kəsir də bu hədisi tam olaraq Uca Allahın “Biz səni çətin sınaqlardan keçirtdik” (“Taha” surəsi, 40) ayəsinin təfsirində gətirmişdir. Sonra demişdir: “Bu hədis İbn Abbasın sözüdür. Bu hədisdə Peyğəmbərin ﷺ sözü çox azdır. Ola bilsin, bu hədis İbn Abbasın Kəb əl-Əhbər və digər səhabələrin eşitdiyi, rəvayət olunması icazəli olan İsrailiyyətlərdəndir. Ən doğrusunu Allah bilir. Şeyximiz Əbul-Həccəc əl-Mizzinin də belə dediyini eşitmişəm”. Mən bu hekayəti rəvayət etməkdən daşındım. Necə ki bəzi İsrailiyyətləri rəvayət etməkdəm daşınmışam. Bu səbəbdən bu hekayəti orada da gətirməmişəm, çünki yəqin bildim ki, bu İsrailiyyətdir (İsrail oğullarının rəvayət etdikləri hekayətlərdəndir). Hafiz İbn Kəsir kitabın bir neçə yerində bu hədisə işarə edir. Mən isə bu işarə etdiklərini qeyd etməmişəm. Yalnız zərurət halında bildirmişəm. Müvəffəqiyyət yalnız Allahdandır. (Əhməd Şakir) də belə gəlmişdir. Bu hədis Allahın izni ilə Taha surəsinin təfsirində gələcək. Bundan sonra Firon – Allahın lənəti onun üzərinə olsun – İsrail oğullarında doğulan hər bir oğlan uşağının öldürülməsini, qızların isə sağ saxlanmasını əmr etdi. Eyni zamanda İsrail oğullarının ən ağır və ən rəzil işlərdə işlədilməsini əmr etdi. Bu ayədə “əzab” sözü oğlan uşaqlarının öldürülməsi kimi təfsir edilmişdir. İbrahim surəsində isə oğlan uşaqlarının öldürülməsi əzab sözünə “və” bağlayıcısı ilə bağlanmışdır. Uca Allah buyurur: “O zaman Musa öz xalqına demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir və oğlan uşaqlarınızı öldürüb, qadınlarınızı isə sağ buraxırdılar” (“İbrahim”, 6). Allahın izni ilə bu barədə daha ətraflı “əl-Qasas” surəsinin əvvəlində danışacağıq. Yalnız Ona arxayınıq və yalnız Ondan yardım diləyirik.
Firon – kafir Misir hökmdarlarına verilən xüsusi addır. Bu hökmdarlar Əməliq qəbiləsindən (Əməliq qəbiləsi Ərəbistan yarımadasının ən qədim sakinlərindən olan Kənan və Umuri qəbilələrinə deyilir. “İmlaq” sözünün lüğəti mənası “hündürböy”, “nəhəng” deməkdir. Bu qəbilədən olan insanlar hündür və nəhəng olduğuna görə belə adlandırılmışlar). və başqa qəbilələrdən ola bilərdi. Necə ki “Qeysər” Şamla birlikdə bütün Rum diyarlarına sahib olan kafir hökmdarlara verilən xüsusi addır. Həmçinin İrana hakim olan kafir hökmdarlara “Kisra” (Xosrov), Yəmənə hakim olan kafir hökmdarlara isə “Tubba” deyilirdi.
Uca Allah buyurur: “Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi”. İbn Cərir bu ayənin təfsirində demişdir: “Yəni sizi Fironun tərəfdarlarının əzabından qurtarmağımız Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahandır, yəni böyük bir nemətdir. “Bəla” sözünün əsl mənası “imtahan” deməkdir. Bu imtahan həm xeyirlə, həm də şərlə ola bilər. Necə ki Uca Allah buyurur: “Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik” (“əl-Ənbiya”, 35). Başqa bir ayədə buyurur: “Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə, doğru yola dönələr” (“əl-Əraf”, 168). İbn Cərir demişdir: “İmtahan sözü şər üçün istifadə olunarkən əksər hallarda بَلَوَ [bələvə] kökündən olan feil istifadə olunur. Bu zaman deyilir: بَلَوْتُهُ  [bələutuhu] “onu imtahana çəkdim”, أَبْلُوهُ [əblu:hu] “imtahana çəkirəm”, بَلاَءً [bələ:ən] “imtahana çəkmək”.  Xeyir üçün istifadə olunarkən isə əksər hallarda أَبْلَى [əblə] feilindən istifadə olunur. Bu zaman deyilir: أَبْلَيْتُهُ  [əbləytuhu] “onu imtahana çəkdim”, أُبْلِيهِ  [ubli:hi] “imtahana çəkirəm”, إِبْلاءً [iblə:ən] və بَلاَءً [bələ:ən] “imtahana çəkmək”. Zuheyr ibn Əbu Səlmə demişdir:
جَزى اللهُ بِالْإِحْسَانِ مَا فَعَلاَ بِكُم ... وَأَبلاَهُمَا خَيْرَ البَلاَءِ الذي يَبْلُو
Allah onları sizə etdiyi yaxşılığa görə mükafatlandırdı,
(Qullarını) imtahan etdiyi xeyirlə onları nemətləndirdi.
 
Bu şeirdə şair eyni məna üçün hər iki feili istifadə etmişdir, çünki məna belədir: Allah onları qullarını imtahan etdiyi xeyirlə nemətləndirmişdir”.
Sonra Uca Allah buyurur: “O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq”. Bu ayənin mənası belədir: “Sizi Fironun və tərəfdarlarının əlindən qurtardıqdan və siz Musa ilə birgə Misirdən çıxdıqdan sonra Firon sizə çatmaq üçün arxanızca çıxdı. Biz də sizə görə dənizi yardıq və sizi xilas etdik”. Bu barədə Uca Allah daha ətraflı digər ayələrdə bildirmişdir. Yeri gəldikdə bu barədə danışacağıq. Bu hadisənin ən sadə forması “əş-Şuəra” surəsindədir.
“Sizi xilas etdik”, yəni onlardan qurtardıq. Sizinlə onların arasına bir maneə qoyduq və qəlbinizi sevindirib, düşməninizi rüsvay etmək üçün “Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq”. Hədislərdə bu hadisənin Aşura günü olduğu deyilir. Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldikdə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və soruşdu: “Nə münasibətlə bu günü oruc tutursunuz?” Onlar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tutmuşdur”. Peyğəmbər ﷺ buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam”. Sonra o həmin günü oruc tutdu və əshabələrinə də oruc tutmağı əmr etdi”. (əl-Buxari, 1865, 2004. ) Hədisi əl-Buxari, Muslim, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. (Hədis, həmçinin Musnəd kitabındadır (2644). (Əhməd Şakir).
əl-Bəqərə, 51-53
وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ * ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ * وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ
51. O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
52. Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə, şükür edəsiniz.
53. O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə, doğru yolla gedəsiniz.

 
Uca Allah bu ayələrdə buyurur: “Ey İsrail oğulları! Musa təyin etdiyimiz vaxtda Rəbbi ilə görüşə getdikdən sonra sizin buzova ibadət etməyinizi bağışlamağımla sizə olan nemətimi xatırlayın!” Bu görüş qırx gün idi. Vədə müddəti başa çatana qədər İsrail oğulları buzova ibadət etməyə başladılar. Bu haqda “əl-Əraf” surəsində bildirilmişdir. Uca Allah buyurur: “Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də, Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu” (“əl-Əraf”, 142). Bu müddətin Zul-Qədə ayı bütünlüklə və on gün də Zul-Hiccə ayından olması deyilir. Bu hadisə İsrail oğullarının Firon qövmündən xilas olub, dənizdən keçmələrindən sonra baş verdi.
Uca Allah buyurur: “O zaman Biz Musaya Kitab”, yəni Tövratı və “Furqan verdik”- yəni haqqı batildən, doğru yolu azğınlıqdan ayıran Furqan verdik ki, “bəlkə, doğru yolla gedəsiniz”. “əl-Əraf” surəsində olan ayələrdən göründüyü kimi, bu da dənizi keçmələrindən sonra olmuşdur. Həmçinin başqa bir ayədə Uca Allah buyurur: “Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar” (“əl-Qasas”, 43).
əl-Bəqərə, 54
وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَى بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
54. O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O sizin tövbənizi qəbul etdi. Doğrudan da, O, tövbələri qəbul Edəndir, Rəhmlidir.

 
Bu ayədə Uca Allah İsrail oğullarının buzova ibadət etdikdən sonra tövbələrini necə qəbul etməsindən danışır. Həsən əl-Bəsri bu ayənin təfsirində demişdir: “Bu sözü Musa onlara buzova ibadət etdiklərinə görə ürəklərində peşmançılıq hissi keçirdikləri zaman demişdir. Necə ki Uca Allah bu barədə bir başqa ayədə buyurur: “Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”, – dedilər” (“əl-Əraf”, 149). Bundan sonra Musa (ona salam olsun) onlara demişdir: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki Yaradanınıza tövbə edin”.
Ayədə Musa “Yaradanınıza tövbə edin”- deməsi ilə İsrail oğullarının diqqətini günahlarının böyük olmasına yönəltmişdir. Yəni sizi Yaradana tövbə edin! O sizi yaratdığı halda, siz Ondan başqasına ibadət etdiniz.
əl-Bəqərə, 55-56
وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ * ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
55. O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”- dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.
56. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə, şükür edəsiniz.

 
Uca Allah bu ayələrdə buyurur: “Həmçinin xatırlayın ki, Məni açıq-aşkar, əyani surətdə görmək istədiyiniz zaman sizi ildırım vurdu və sonra Mən sizi yenidən diriltməklə sizə Öz nemətimi bəxş etdim. Halbuki buna (Allahı bu dünyada görməyə) nə sizin, nə də sizin kimi bəşərin gücü çatmazdı. “Sizi ildırım vurdu”, yəni od vurdu. “Gözünüz görə-görə”- bunu Uca Allahın bu ayəsi açıqlayır: “Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə, şükür edəsiniz”. ər-Rabi ibn Ənəs demişdir: “İsrail oğullarının ildırımla öldürülmələri bir cəza idi. Sonra Allah onları əcəllərini tamamlamaları üçün diriltdi”. Qatədə də eyni təfsiri vermişdir.
əl-Bəqərə, 57
وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
57. Biz sizin üstünüzə buludlarla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm etdilər.

 
Uca Allah əvvəlki ayələrdə İsrail oğullarından bəlaları uzaqlaşdırdığını bildirdikdən sonra bu ayədə onlara verdiyi nemətləri xatırlatmağa başlayır və buyurur: “Biz sizin üstünüzə buludlarla kölgə saldıq”. Ayədə gələn الغَمامُ  [əl-ğamə:mu] “buludlar” sözü, غَمَامَةٌ  [ğamə:mətun] “bulud” sözünün cəmidir, kökü غَمَّ  [ğammə] “üstünü örtmək” feilindəndir. Göy üzünü örtdüyünə görə belə adlanmışdır. الغَمامُ  [əl-ğamə:mu] ağ buluda deyilir. Uca Allah səhrada günəşin istisindən onları qorumaq üçün kölgə olaraq üzərlərinə bulud göndərmişdi. ən-Nəsəi və başqaları İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Sonra Uca Allah səhrada onlara buludla kölgə saldı”.
Sonra Uca Allah buyurur: “Sizə manna və bildirçin endirdik”. Təfsir alimləri arasında ayədə gələn “manna” sözünün nə məna verməsi ilə bağlı müxtəlif rəylər olmuşdur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Manna, onlar üçün ağaclara enirdi və onlar səhərlər gedib ondan istədikləri qədər yeyirdilər”. Mucahid demişdir: “Manna ağacların ifraz etdiyi yapışqan kitrədir (Kitrə – bəzi ağac və kol bitkilərinin gövdələrindən axan yapışqanabənzər yarımşəffaf qatı maye)”. İkrimə isə demişdir: “Manna Allahın onlar üçün göydən endirdiyi şeh kimi bir şeydir. Qatı şirəyə bənzəyir”. ər-Rabi ibn Ənəs demişdir: “Manna bala oxşar bir içki idi. Onlara göydən enərdi və onlar onu suya qarışdırıb içərdilər”.
Əsas məqsəd budur ki, təfsir alimlərinin manna barədə verdikləri təfsirlər bir-birinə yaxındır. Bəziləri mannanı yeyilən bir şey kimi, bəziləri isə içilən bir şey kimi təfsir etmişlər. Görünən budur ki – Allah daha doğrusunu bilir – manna Uca Allahın İsrail oğullarına zəhmətsiz, əməksiz lütf etdiyi yemək, içmək və digər şeylərdir. Bildiyimiz manna isə elə bir qidadır ki, tək yeyildikdə şirin yemək, suya qarışdırıldıqda gözəl içki olur, başqa qidalara qarışdırıldıqda isə başqa bir növ yemək alınır. Lakin ayədə nəzərdə tutulan tək bu deyil. Buna dəlil əl-Buxarinin Səid ibn Zeyddən rəvayət etdiyi hədisdir. Səid ibn Zeyd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Bu göbələk (Hədisdə Peyğəmbərin ﷺ göbələyi mannaya oxşatmasının səbəbi budur ki, manna əkilmədən, becərilmədən, zəhmətsiz və əmək tələb etmədən İsrail oğullarına nazil olduğu kimi, göbələk də əkilmədən, becərilmədən, zəhmətsiz və əmək tələb etmədən yerdən çıxır).  mannanın bir növüdür, suyu da gözə dərmandır”. (əl-Buxari, 4118, 4478. ) Hədisi Əbu Davud istisna olmaqla dörd hədis alimi (Altı hədis alimi deyildikdə - əl-Buxari, Muslim, Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə nəzərdə tutulur). və İmam Əhməd rəvayət etmişlər. Həmçinin ət-Tirmizi Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Əcva xurması Cənnət meyvələrindəndir və o, zəhərlənmənin dərmanıdır. Göbələk isə man-nanın bir növdür və onun suyu gözə dərmandır”. (ət-Tirmizi, 2066, 2068, 2210. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4235). Bu hədisi yalnız ət-Tirmizi rəvayət etmişdir. Sonra demişdir: “Hədis “həsən ğarib”dir. Bu hədisin Muhəmməd ibn Amrdan yalnız Səid ibn Amirin vasitəsilə nəql olunduğunu bilirik.
[Sonra müəllif (İbn Kəsir) ət-Tirmizi, ən-Nəsəi və İbn Məcənin Şəhr ibn Həuşəbdən, onun da Əbu Hureyradan (Allah ondan razı olsun) etdiyi rəvayətləri gətirmişdir. Hədis “əl-Musnəd” kitabında Şəhrin rəvayəti ilə bir neçə yerdə gəlmişdir (7989 və 8038-ci hədislər). Sonra əl-Hafiz İbn Kəsir demişdir: “Hədisin bu sənədində Şəhr ibn Həuşəb ilə Əbu Hureyra (Allah ondan razı olsun) arasında əlaqə bağı kəsikdir, çünki Şəhr ibn Həuşəb Əbu Hureyradan (Allah ondan razı olsun) bu hədisi eşitməmişdir]. (Kitabın çap olunmuş nüsxələrində “Şəhr ibn Həuşəb Əbu Hureyradan hədis eşitməmişdir” ifadəsi yazılıb. Bu səhvdir. Doğru olan biz yazdığımızdır. Bunu kitabın əl-Əzhəriyyə əlyazmasından tapıb düzəltmişik. Çünki Şəhr ibn Həuşəb Əbu Hureyradan çox hədis eşitmişdir. Aydın olduğu kimi, əl-Hafiz İbn Kəsir demək istəyir ki, Şəhr ibn Həuşəb Əbu Hureyradan bu hədisin özünü eşitməmişdir. (Əhməd Şakir). Buna dəlil isə ən-Nəsəinin Şəhr ibn Həuşəbdən, onun da Abdur-Rahmən ibn Ğanəmdən, onun da Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir: “Bir dəfə səhabələr öz aralarında göbələyi müzakirə edərkən Peyğəmbər ﷺ evindən çıxdı. Onlardan bəziləri dedi: “Göbələklər yerin çiçək səpgisidir”. (Yəni dəridə olan səpgilər kimi, göbələklər də yerin səpgiləridir). Peyğəmbər ﷺ dedi: “Göbələk mannanın bir növüdür və onun suyu gözə dərmandır”. (Bu rəvayət də “əl-Musnəd” kitabında gəlmişdir (8290), (Əhməd Şakir). ət-Tirmizi, 2067, 2209; ən-Nəsəi “Sunənul-Kubra” 6635. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4569). Həmçinin bu hədis Şəhr ibn Həuşəbin vasitəsilə Əbu Səiddən və Cabirdən (Allah onlardan razı olsun) də rəvayət olunub. Necə ki Əhməd Şəhr ibn Həuşəbdən, o da Cabir ibn Abdullahdan və Əbu Səid əl-Xudridən (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, onlar demişlər: “Göbələk mannanın bir növüdür və onun suyu gözə dərmandır. Əcva xurması Cənnət meyvələrindəndir və o, zəhərlənmənin dərmanıdır”. (Bu hədis də “əl-Musnəd” kitabında gəlmişdir (11473), (Əhməd Şakir). ət-Tirmizi, 2068, 2210; ən-Nəsəi “Sunənul-Kubra” 6636, 6670. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4569).
[Daha sonra əl-Hafiz İbn Kəsir burada hədisin geniş və qısa şəkildə bir çox rəvayətlərini gətirmişdir. Bu hədisləri ən-Nəsəi, İbn Məcə və İbn Mərdəveyh Şəhr ibn Həuşəbdən, o da Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişlər. Həmçinin İbn Kəsir İbn Abbasdan (Allah ondan razı olsun) və başqalarından gələn rəvayətləri də qeyd etmişdir. Sonra demişdir:] Göründüyü kimi, hədisin sənədində əsas ixtilaf Şəhr ibn Həuşəbin ətrafındadır. Mənə görə o bu hədisi əzbərləmiş və bütün sənədlərlə rəvayət etmişdir. Bəzi səhabələrdən özü eşitmiş, bəzilərindən isə ona çatmışdır. Şəhr ibn Həuşəbə qədər olan sənədlər yaxşıdır. Şəhr ibn Həuşəbin isə bilərəkdən yalan danışması mümkün deyil. Səid ibn Zeydin rəvayətində gördüyümüz kimi, hədisin əsli Peyğəmbərdən ﷺ gəlmişdir.
Ayədə gələn السَّلْوَى  [səlvə] “bildirçin” sözünə gəlincə, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Səlvə bildirçinə bənzər quşdur. İsrail oğulları onu yeyirdi”. Həmçinin Mucahid, əş-Şabi və başqaları da belə demişlər.
Uca Allah buyurur: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!” Ayədə gələn əmr forması bu nemətlərin halal və Allahın lütfü olmasını ifadə edir. Ayənin sonunda Uca Allah buyurur: “Onlar Bizə deyil, ancaq özlərinə zülm etdilər”, yəni biz onlara ruzi olaraq verdiyimiz pak şeylərdən yeməyi və tək Allaha ibadət etməyi əmr etdik. Necə ki Uca Allah buyurur: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin” (“Səba”, 15). Onlar isə açıq-aşkar ayələri, möcüzələri və qeyri-adi hadisələri gördükləri halda, bu əmrə müxalif çıxdılar, inkar etdilər və bununla da öz nəfslərinə zülm etdilər. Buradan Muhəmməd Peyğəmbərin ﷺ səhabələrinin, çətinliklərdə səbir edib sabit olmaqda və inadkarlıq etməməkdə digər peyğəmbərlərin səhabələrindən üstünlüyü aydın olur. Peyğəmbərin ﷺ səhabələri səfərlərdə və döyüşlərdə Peyğəmbərlə ﷺ bərabər olurdular. Bu döyüşlərdən biri də “Tabuk ili” adlanan Tabuk döyüşü idi. Onlar susuzluqda, şiddətli isti və yorğunluqda belə Peyğəmbərdən ﷺ möcüzə gətirməsini, nəyisə icad etməsini gözləmədilər. Halbuki bunu etmək Peyğəmbər ﷺ üçün çox asan idi. Yalnız aclıqdan əldən düşdükləri zaman Peyğəmbərdən ﷺ yeməklərini çoxaltmasını istədilər və yanlarındakı yeməkləri gətirdilər. Yanlarında olan yeməklər bir quzunun çökəcəyi yer qədər ərazi tuturdu. Peyğəmbər ﷺ dua etdi və hər kəsə öz qabını doldurmasını əmr etdi. Onlar da qablarını doldurdular. Həmçinin suya ehtiyac duyduqları zaman Allahdan yağış yağdırmasını istədilər və bir bulud gəlib onlara yağış yağdırdı. Onlar bu sudan içdilər, dəvələrinə su verdilər və qablarını doldurdular. Sonra baxıb gördülər ki, o bulud onların olduğu düşərgədən kənara çıxmayıb. Peyğəmbərə ﷺ tabe olmağın ən mükəmməl nümunəsi də budur: Peyğəmbərə ﷺ tabe olmaqla yanaşı, Allahın qəza-qədəri ilə razılaşmaq.
əl-Bəqərə, 58-59
وَإِذْ قُلْنَا ادْخُلُوا هَذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ * فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ
58. O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin-için, qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.
59. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.

 
Bu ayələrdə Uca Allah İsrail oğullarını cihaddan (Allah yolunda döyüşməkdən) üz çevirib, ataları İsraildən (Yaqubdan) onlara miras qalmış müqəddəs torpaqlara girməkdən imtina etdiklərinə görə qınayır. Onlara müqəddəs torpaqlara girmək və orada olan nəhəng kafir tayfa ilə döyüşmək əmr olunduqda döyüşdən imtina edib zəif qalmağı, qəm-qüssə və həsrət içində yaşamağı seçdilər. Uca Allah da cəza olaraq onları səhraya saldı. Uca Allah bu barədə “əl-Maidə” surəsində buyurub. Bu səbəbdən İsrail oğullarına daxil olmaqları əmr olunan şəhər barədə alimlərin iki rəyindən ən doğru olanı bu şəhərin müqəddəs Qüds şəhəri olmasıdır. Necə ki əs-Suddi, ər-Rabi ibn Ənəs, Qatədə və başqaları bunu demişlər. Uca Allah buyurur: “Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. Onlar dedilər: “Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar var. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”. Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə şəhər qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki sən get Rəbbinlə birlikdə onlara qarşı vuruş. Biz isə burada oturacağıq” (“əl-Maidə”, 21–24).
Bəzi alimlər isə bu şəhərin Əriha olduğunu demişlər. Bu rəy doğru deyil, çünki Əriha şəhəri onların yolu üzərində deyildi. Onlar Ərihaya deyil, Qüdsə doğru gedirdilər. Beləliklə, doğru olan rəy birincidir. Yəni bu şəhər Qüds şəhəridir. Buna görə onlar qırx il səhrada qaldıqdan sonra Yuşa ibn Nun (ona salam olsun) ilə birgə çıxdılar və Allah onları cümə gününün son saatlarında bu şəhəri fəth etməyə müvəffəq etdi. Bu fəthi həyata keçirmələri üçün günəşin batmasını onlar üçün bir az gecikdirdi. (Çünki döyüş cümə günü axşama yaxın olmuşdu. Günəş batdıqdan sonra cümə günü bitirdi, artıq şənbə günü başlayırdı. Şənbə günü isə döyüşmək onlara qadağan idi. Bu səbəbdən Yuşa Allaha dua etdi ki, günəşi saxlasın. Bu barədə hədis Səhih əl-Buxaridə gəlmişdir. Əbu Hureyra Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir. “Peyğəmbərlərdən biri döyüşə çıxarkən öz həmqəbilələrinə: “Qoy qadınla evlənib onunla yaxınlıq etmək istəyən, lakin hələ yaxınlıq etməmiş, həmçinin ev tikmiş, amma üstünü hələ damla örtməmiş, habelə qoyun və ya dəvə sürüsü almış və onların balalamasını gözləyən kimsələr mənim dalımca gəlməsinlər!” – dedi, sonra da döyüşə yollandı. O, əsr namazının vaxtında və ya buna yaxın bir vaxtda (qəsdinə durduğu) məmləkətə gəlib çatdıqda günəşə dedi: “Sən də (Allahın) əmrindəsən, mən də. Allahım, bizim üçün günəşi saxla!” Beləliklə, Allah Öz peyğəmbərinə zəfər bəxş edənədək günəş dayandı” (əl-Buxari, 2892, 3124). Əriha isə İsrail oğulları üçün nəzərdə tutulan bir şəhər deyildi.
Şəhəri fəth etdikdən sonra İsrail oğullarına şəhərin fəthinə, onlara qələbə nəsib etdiyinə, şəhərlərini özlərinə qaytardığına və səhrada azmaqdan qurtardığına görə Allaha şükür əlaməti olaraq şəhərə qapıdan səcdə edərək daxil olmaq əmr olunmuşdu.
Aufi ayənin təfsirində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, o, Uca Allahın “Qapıdan səcdə edərək daxil olun” ayəsi barədə demişdir: “Yəni rükü edərək”. İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Qapıdan səcdə edərək daxil olun” ayəsinin mənası “kiçik qapıdan əyilərək rüku edib girin!” deməkdir. Bu təfsiri əl-Hakim və İbn Əbu Hatim rəvayət etmişlər. Abdullah ibn Məsud (Allah ondan razı olsun) isə bu ayənin təfsiri ilə bağlı demişdir: “Onlara “Qapıdan səcdə edərək daxil olun” deyildiyi halda, onlar əmr edilənin əksi olaraq içəri başlarını qaldıraraq girmişlər”.
Uca Allah buyurur: “Bizi bağışla!”– deyin!” İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni Allahdan bağışlanma diləyin!” əl-Həsən və Qatədə isə demişlər: “Yəni günahlarımızdan keç!” Ayənin “sizin günahlarınızı bağışlayaq” hissəsi cümlənin əvvəlində gələn “Bizi bağışla!” – deyin!” əmr feilinin cavabıdır. Yəni “əgər Bizim əmr etdiyimizə əməl etsəniz, sizin günahlarınızı bağışlayarıq, savablarınızı qat-qat artırarıq”.
Məsələ belədir ki, onlara şəhərin fəthi zamanı həm sözlə, həm də əməllə Allaha boyun əymələri, günahlarını etiraf edib, bağışlanma diləmələri əmr olunmuşdu. Nemət gələn anda dərhal Allahın sevdiyi əməlləri etməklə Ona şükür etməyə tələsmək əmr olunmuşdu. Necə ki Uca Allah buyurur: “Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə gəldiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (“ən-Nasr”). Bəzi səhabələr bu surəni fəth və qələbə zamanı Allahı çox yad edib, bağışlanma diləmək kimi təfsir etmişlər. İbn Abbas (Allah ondan razı olsun) isə bu surəni Peyğəmbərə ﷺ əcəlinin gəldiyinin bildirilməsi kimi təfsir etmişdir. Ömər (Allah ondan razı olsun) də surədən bu mənanı çıxarmışdır. Peyğəmbərə ﷺ Məkkənin fəthi əsnasında bağışlanma diləmək əmr edilməsi ilə əcəlinin gəldiyinin bildirilməsi arasında ziddiyyət yoxdur. Bu səbəbdən Allah Elçisinin ﷺ üzündə qələbə anında mütilik əlaməti açıq-aydın görünərdi. Hədislərdə rəvayət edirlər ki, Peyğəmbər ﷺ Məkkənin fəthi günü, Məkkəyə yüksək təpədən enərkən Rəbbinə mütiliklə boyun əymişdi. Hətta saqqalının ətəyi yəhərinin önünə dəyirdi. Beləcə bu nemətə görə Allaha şükür edirdi.
Uca Allah buyurur: “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər”. Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir. “İsrail oğullarına belə buyrulmuşdur: “Qapıdan səcdə edərək daxil olun və: “Hittətun (Bizi bağışla!)” – deyin ki, sizin günahlarınızı bağışlayaq” (“əl-Bəqərə”, 59). Onlar isə oraya yanları üstə sürünə-sürünə daxil oldular və (özlərinə əmr edilmiş sözü) dəyişdirib: “Hintə (yəni) sünbülün üstündəki buğda”, dedilər”. (əl-Buxari, 3151, 3403). Bu, səhih hədisdir. Hədisi əl-Buxari və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi bu hədisi “həsən-səhih” adlandırmışdır. (əl-Buxari (6/312, 8/125, 128 Fəthul Bari), (4479). Bu hədisə mənaca yaxın hədisi Əhməd “əl-Musnəd” əsərində rəvayət edib (8095, 8213), (Əhməd Şakir). 
Təfsir alimlərinin ayə barədə dediklərinin xülasəsi və hədislərin mənasından ortaya çıxan nəticə budur ki, İsrail oğulları sözdə və əməldə Allahın əmrinə boyun əymədilər və Allahın əmr etdiyi sözü dəyişdirdilər. Belə ki onlara səcdə edərək qapıdan daxil olmaq əmr olunduğu halda, başlarını qaldıraraq yanları üstə sürünə-sürünə daxil oldular. Onlara “Hittətun”, yəni “günahlarımızı bağışla!” demələri əmr olunduğu halda, “Hintə”, yəni “sünbülün üstündəki buğda”, – deyərək istehza etdilər. Bu, əmrə qarşı çıxmanın və inadkarlıq göstərmənin ən son həddidir. Bu səbəbdən Allah əmrdən çıxmaqla etdikləri günaha görə onların üzərinə qəzəbini və əzabını endirdi. Bu xüsusda Uca Allah buyurur: “Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allahın kitabında gələn hər الرِّجْزُ [ər-ricz] sözü “əzab” mənasındadır. Əbul-Aliyə isə الرِّجْزُ [ər-ricz]  sözünün “qəzəb” olduğunu demişdir. Səid İbn Cubeyr isə الرِّجْزُ [ər-ricz]  sözünün “taun xəstəliyi” olduğunu demişdir. İbn Əbu Hatim və ən-Nəsəi Sad ibn Malikdən, Usamə ibn Zeyddən və Xuzeymə ibn Səbitdən Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Taun – “ricz” və əzabdır. Vaxtilə bu (xəstəlik) ilə sizdən əvvəl yaşamış insanlara əzab verilmişdir”. (Muslim, 4108, 5905). Hədisin əsli əl-Buxari və Muslimdədir. Hədisin ardında Peyğəmbər ﷺ demişdir: “Belə bir xəstəlik harada olursa-olsun o yerə getməyin. Əgər bu xəstəlik siz olduğunuz yerdə yayılarsa, ondan qaçıb (canınızı qurtarmaq məqsədilə) oranı tərk etməyin”. (əl-Buxari, 5287, 5728; Muslim, 2218, 4108, 5903). İbn Cərir Usamə ibn Zeyddən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, bu ağrı və xəstəlik riczdir (əzabdır). Bununla sizdən əvvəl yaşamış bəzi insanlara əzab verilmişdir”. (ət-Tabəri, 1036, 1037. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2931). Bu hədisin əsli əl-Buxari və Muslimin  “Səhih” əsərlərində yer alıb. (ət-Tabəri (1036). Bu hədisə mənaca yaxın hədisi daha uzun mətnlə Əhməd əl-Musnəd əsərində rəvayət edib (207, 208, 209 Hələb çapı), (Əhməd Şakir).
əl-Bəqərə, 60
وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
60. O zaman Musa öz xalqı üçün su istədikdə Biz: “Əsanla daşa vur!”– dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin, için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”

 
Uca Allah bu ayədə buyurur: “Ey İsrail oğulları, sizə olan nemətimi xatırlayın! Bir zaman peyğəmbəriniz Musa mənə dua edərək sizin üçün su istəyərkən onun duasını qəbul etdim və özünüzlə daşıdığınız daşdan asanlıqla sizin üçün su çıxardım. Sizin üçün o daşdan on iki çeşmə qaynatdım və hər gözü bir qəbilə üçün ayırdım. Hər qəbilə içəcəyi yeri bilirdi. Elə isə sizə endirdiyim mannadan və bildirçindən yeyin, sizə çıxardığım bu sudan əziyyətsiz və zəhmət çəkmədən için və sizin üçün bunları ram edən Allaha ibadət edin!
“Yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”, yəni bu nemətlərə asilik və günahlarla qarşılıq verməyin. Əks halda bu nemətlər əlinizdən alınar. Bu hekayət “əl-Əraf” surəsində varid olan hekayətə çox bənzəyir. Lakin “əl-Əraf” surəsi hicrətdən əvvəl nazil olan Məkkə surələrindəndir. Bu səbəbdən Uca Allah bu surədə İsrail oğulları barədə üçüncü şəxsdə xəbər verir, çünki Uca Allah onlara etdiklərini Peyğəmbərinə ﷺ xəbər verirdi. “əl-Bəqərə” surəsi isə Mədinədə nazil olmuşdur və bu səbəbdən xitab birbaşa yəhudilərə yönəldilmişdir. “əl-Əraf” surəsində “Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”, – deyə vəhy etdik. Ondan on iki çeşmə fışqırdı” (“əl-Əraf”, 160), – buyurur. “əl-Əraf” surəsində istifadə edilən اِنْبَجَسَ [inbəcəsə] feili fışqırmanın yeni başlamasını ifadə edir. Burada isə fışqırdıqdan sonra düşdüyü son halı – bulaq qaynamasını bildirir. Bu səbəbdən burada اِنْفَجَرَتْ [infəcərat] “bulaq qaynadı” feilinin, orada isə اِنْبَجَسَ  [inbəcəsə] “fışqırdı” feilinin istifadə edilməsi daha münasibdir. Ən doğrusunu Allah bilir!
əl-Bəqərə, 61
وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُمْ مَا سَأَلْتُمْ...
61. Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız! ...”

 
Uca Allah bu ayədə buyurur: “Ey İsrail oğulları, sizə gözəl, faydalı, ləzzətli, asan əldə olunan, manna və bildirçin endirməyimizlə sizə olan nemətimi xatırlayın. Həmçinin sizə verdiyim ruzilərin qarşılığında nemətimə arxa çevirməyinizi və sizə verdiyim ruzidən bezərək Musadan bu gözəl nemətləri dəyişdirib tərəvəz və digər bu kimi dəyərsiz yeməklərlə əvəz etməsini istəməyinizi də xatırlayın!” əl-Həsən əl-Bəsri demişdir: “İsrail oğulları bu nemətlərin qarşılığında naşükürlük etdilər və uzun müddət eyni yeməyə tab gətirmədilər. Əvvəl yaşadıqları həyatları yadlarına düşmüşdü, çünki onlar tərəvəz, mərcimək, soğan və sarımsaq yeyən bir qövm idilər və bu səbəbdən Musaya (ona salam olsun) dedilər: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” Ayədə gələn tərəvəz, xiyar, mərcimək və soğan hamının bildiyi bitkilərdir. Ayədə keçən فومِهَا [fu:mihə] “sarımsaq” sözünə gəlincə, sələf alimləri bu sözün mənasına dair müxtəlif fikirlər söyləmişlər. Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) gələn qiraətdə bu söz “sarımsaq” mənasını verən ثُومِهَا [su:mihə] “fə” hərfi əvəzinə “sə” hərfi ilə gəlmişdir. Mucahid, ər-Rabi ibn Ənəs və Səid ibn Cubeyr də bu sözü ثُومِهَا [su:mihə] “sarımsaq” kimi təfsir etmişlər. İbn Cərir demişdir: “Əgər bu təfsir doğrudursa, o zaman bu hərf dəyişdirilmiş hərflərdəndir. Necə ki عَاثُور  [a:su:r] “quyu”, أَثَافِي  [əsə:fi] “ocaqda qazanın altına qoyulan üçayaq daş” və مَغَافِيرُ  [məğa:fi:r] “ağac növü” və s. bu kimi sözlərdə məxrəcləri (tələffüzləri) yaxın olduğuna görə “fə” hərfi əvəzinə “sə” hərfi də işlənir. Ən doğrusunu Allah bilir! Bəzi alimlər isə demişlər: “الفوم  [əl-fu:m] sözü unundan çörək bişirilən buğda deməkdir”.
İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “الفوم  [əl-fu:m] sözü Haşim oğullarının (Haşim oğulları – Ərəbistan yarımadasında Qureyş qəbiləsindən şaxələnən bir qəbilədir. Haşim (əsl adı Amr) ibn Abdumənafa nisbət olunur. Peyğəmbər ﷺ də bu qəbilədəndir. Muslimin Vailə ibn əl-Əsqadan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər ﷺ buyurur: “Uca Allah Kinənə qəbiləsini İsmailin övladlarının içərisindən seçdi. Qureyş qəbiləsini isə Kinənə qəbiləsindən seçdi. Qureyşdən isə Haşim sülaləsini seçdi. Haşim oğullarından isə məni seçdi” (Muslim, 2276, 4221, 6077) dilində buğdaya deyilir”. Ərəb dilçiləri deyirlər: “Qədim ərəb dilində فُولْنَا [fu:lnə] sözü اِخْتَبَزْنَا [ixtəbəznə] “çörək bişirdik” mənasında işlənir”. (Bu cümlə “əslində” İbn Cəririn sözündən əvvəl “fə” hərfi əvəzinə “sə” hərfi də işlənməsi mövzusundə gəlmişdir. Lakin məna baxımından onun yeri ora deyil, buradır. Bu cümlənin orada işlənməsi oxucuda çaşqınlıq yarada bilərdi. Bu səbəbdən bu cümləni oradan çıxarıb burada yazdıq. (Əhməd Şakir). əl-Buxari demişdir: “Bəzi dilçilər demişlər: “Yeyilən hər növ dənli bitkilər الفوم [əl-fu:m] adlanır”.
Uca Allah buyurur: “O (Musa) dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?” Bu ifadədə onlar üçün töhmət və məzəmmət var. Belə ki faydalı, gözəl və rahat yeməklərlə ruziləndirilib, ehtiyacsız yaşayarkən dəyərsiz yeməklər istədilər. Uca Allah buyurur: “Şəhərə girin!” Osmanın (Allah ondan razı olsun) yazdırdığı Quran kitablarının hamısında “şəhərə” sözü مِصْرًا  [misran] tənvinli (sonunda “n” samiti ilə) və sonunda “əlif” olaraq yazılmışdır. Əksər Quran qiraətçiləri də bu sözü belə oxumuşlar. İbn Cərir demişdir: “Müqəddəs Kitabın bütün nüsxələrində belə yazıldığına görə bu sözün başqa cür yazılışına icazə vermirəm”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Şəhərə girin!”, yəni şəhərlərdən hər hansı birinə girin!” Bu təfsiri İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) nəql etmişdir. İbn Cərir demişdir: “Ubeyy ibn Kəb və İbn Məsudun qiraətlərində “şəhərə” sözü اهْبِطُوا مِصْرَ [ihbitu misra] kimi tənvinsiz (sonunda “n” samiti olmadan) gəlmişdir”. Sonra İbn Cərir Əbul-Aliyə və ər-Rabi ibn Ənəsdən rəvayət etmişdir ki, onlar tənvinsiz (“n” samitsiz) gələn qiraətlərdə nəzərdə tutulan şəhəri Fironun şəhəri (Misir) kimi təfsir etmişlər. (Çünki ərəb dilində şəhər adlarının sonunda tənvin (sonunda “n” samiti) olmur). Sonra demişdir: “Həmçinin tənvinli yazılan qiraətə görə də “şəhər” dedikdə Foronun yaşadığı Misir şəhərinin nəzərdə tutulması ehtimal oluna bilər”. Lakin Quranın yazılışına tabe olmaq baxımından tənvinlə yazılmışdır. Uca Allahın başqa bir ayəsini buna misal gətirmək olar: “Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar” (“əl-İnsan”, 15-16). Bu ayələrdə قَوَارِيرًا  [qavə:ri:ran] “qədəhlər” sözü tənvinlə (“n” samiti ilə) gəlmişdir, əslində isə ərəb dilində bu söz tənvinsizdir”. Sonda İbn Cərir ayədə nəzərdə tutulan şəhərin Misir, yaxud hər hansı bir şəhər olması haqqında qəti bir fikir bildirməmişdir.
İbn Cəririn dediyi bu söz bir daha nəzərdən keçirilməlidir. Doğru olan budur ki, ayədə “Şəhərə girin!” deyildikdə “hər hansı bir şəhərə” nəzərdə tutulur. Necə ki İbn Abbasdan (Allah ondan razı olsun) və başqalarından bu məna rəvayət olunmuşdur və ayənin mənası da buna uyğundur. Çünki Musa  (ona salam olsun) onlara demişdir: “Sizin istədiyiniz bu şeylər heç də qiymətli deyil, girdiyiniz hər hansı bir şəhərdə bunlardan çoxdur və tapa bilərsiniz. İstədiyiniz bu şeylərin dəyərsiz və şəhərlərdə çox olması səbəbi ilə onu Allahdan istəməyimə dəyməz. Ona görə də onlara demişdir: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!”, yəni tələb etdiyiniz şeyləri taparsınız. Onların tələb etdikləri zərurətdən deyil, ərköyünlük və naşükürlük səbəbindən olduğu üçün bu istəklərinə cavab verilmədi. Ən doğrusunu Allah bilir.
...وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
61. ...Onlara zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

 
Uca Allah ayənin ardında buyurur: “Onlara zəlillik və düşkünlük üz verdi”, yəni zəlillik və səfalət onlara həm ilahi sübutla, həm də həqiqətdə üz verdi. Belə ki onlar hələ də zillət içində olmağa davam edirlər. Belə ki onları görən alçaldar, onlara nifrət edər və onlara alçaqlıq damğası vurar. Bununla belə, onlar özləri də zəlil və səfalət içindədirlər. əl-Həsən demişdir: “Allah onları müsəlmanların ayaqları altına salmaqla zəlil etmişdir və onları himayə edən yoxdur. Bu ayə onları haqlamışdır və vaxtilə məcusilər də onlardan cizyə (can vergisi) yığırdılar”.
Uca Allah buyurur: “və onlar Allahın qəzəbinə düçar oldular”. əd-Dahhək bu ayənin təfsirində demişdir: “Yəni Allahın qəzəbinə layiq oldular”. İbn Cərir demişdir: “Uca Allahın “və onlar Allahın qəzəbinə düçar oldular” ayəsinin mənası: “Allahın qəzəbinə düçar olmuş halda geri döndülər”, – deməkdir. Ayədə işlənən بَاءَ [bə:ə] feili həmişə xeyir və ya şərə dəlalət edən sözlərlə bir yerdə işlənir. Məsələn, بَاءَ فُلانٌ بِذَنْبِهِ  [bə:ə fulə:nun bizənbihi] “filankəs günahkar olaraq qayıtdı”, – deyilir. Uca Allahın: “Mən istəyirəm ki, sən həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən” (“əl-Maidə”, 29) ayəsi də bu mənadadır. Yəni “həm mənim günahımı, həm də öz günahını üzərinə götürərək dönəsən. Mənim günahım da sənin üzərinə olsun”. Beləliklə, “Onlara zəlillik və düşgünlük üz verdi” ayəsinin mənası belədir: “Onlar Allahın qəzəbinə düçar olmuş halda geri döndülər”.
“Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər”. Bu ayədə Uca Allah buyurur ki, onların zillət və səfalətə düçar olub Allahın qəzəbinə layiq olmalarına səbəb haqqa tabe olmaqdan boyun qaçırıb, Allahın ayələrini inkar etmələri və şəriəti daşıyan peyğəmbərlər və onların davamçılarına hörmətsizlik etmələri idi. Bu hörmətsizlik onları öldürmək həddinə qədər gəlib çatdı. Bundan, yəni Allahın ayələrini inkar edib, haqq olaraq göndərdiyi peyğəmbərləri öldürməkdən daha böyük küfr ola bilərmi? Səhihliyində əl-Buxari və Muslimin ittifaq etdikləri hədisdə Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Təkəbbürlük haqqı danmaq və insanlara xor baxmaqdır”. (Muslim, 131, 275). İmam Əhməd rəvayət edir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisi ﷺ icazə verdiyi üçün onun sirr olaraq danışdıqlarına qulaq asmaqdan və filan-filan işlərdən çəkinmirdim. Bir dəfə Allah Elçisinin ﷺ yanına gəldim. Yanında Malik ibn Murara ər-Rahəvi var idi. Onların söhbətlərinin sonuna yetişdim. O deyirdi: “Ey Allahın Elçisi! Mənə necə bir gözəllik verildiyini görürsən və kimsənin ayaqqabımın iplərində və mən kimsənin ayaqqabımın iplərində və ya ondan daha kiçik bir şeydə məndən üstün olmasını istəmərəm. Məndə olan bu xüsusiyyət həddi aşmaqdırmı?” Allah Elçisi ﷺ dedi: “Bu söylədiklərin həddi aşmaq deyil. Həddi aşmaq haqqı danmaq (və ya haqqa qarşı ədəbsiz olmaq) və insanlara xor baxmaqdır”. (Musnəd, 3644, 4508. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Ğayətul-Məram fi Təxrici Əhədisil-Hələl vəl-Həram, 114). Yəni haqqı qəbul etməmək və insanları alçaltmaq, onlara istehza etmək və təkəbbürlük etməkdir. İsrail oğulları Allahın ayələrini inkar edib peyğəmbərlərini öldürməklə etdikləri günahlara görə Allah onlara üzərilərindən götürülməyəcək bir əzab vacib etdi və onlara etdikləri əməllərinə uyğun cəza olaraq həm bu dünyada, həm də Axirətdə davam edəcək zillət libası geyindirdi.
Həmçinin İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü ən şiddətli əzaba düçar olanlar Peyğəmbərin öldürdüyü kimsə və ya Peyğəmbəri öldürən kimsə, insanları zəlalətə aparan imam (rəhbər) və şəkil çəkənlər olacaqdır”. (Musnəd, (3868). Bax: “ət-Tərğib vət-Təthib”, (3/176). Məcməuz-Zəvəid (1/181), əd-Durrul-Mənsur (4/174), (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2185).  
Uca Allah ayənin sonunda buyurur: “Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi”. Yuxarıda qeyd etdiyimiz cəzalarla cəzalandırılmalarının bir səbəbi də asi olmaları və həddi aşmalarıdır. Asi olmaq – qadağan olunmuş şeyləri etməkdir. Həddi aşmaq isə icazəli olan və ya əmr olunan şeylərdə həddi aşmaqdır. Ən doğrusunu Allah bilir!
əl-Bəqərə, 62
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
62. Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

 
Uca Allah əvvəlki ayələrdə əmrlərinə qarşı çıxanların, qadağan etdiyi əməlləri və haramları etməklə həddi aşanların halını və onların layiq olduqları cəzanı bildirir. Sonra gələn ayələrdə isə Allah keçmiş ümmətlərdən yaxşı işlər görüb, əmrlərə itaət edənlərə gözəl mükafatlar verəcəyini bildirir. Bu mükafatlandırma Qiyamətə qədər davam edəcək. Yazıb-oxumağı bacarmayan Peyğəmbərə – Elçiyə ﷺ tabe olanlar üçün əbədi səadət var. Onlar üçün (Qiyamət günü) qarşılaşacaqlarından ötrü heç bir qorxu olmadığı kimi, dünyada etdiklərindən və geridə buraxdıqlarından (ailə, övlad) ötrü də qəm və kədər olmayacaq. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər” (“Yunus”, 62). Həmçinin mələklər ölüm anında mömin qullara belə deyəcəklər: “Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət”, 30). İbn Əbu Hatim rəvayət edir ki, Mucahid demişdir: “Salman (Allah ondan razı olsun) dedi: “Peyğəmbərdən ﷺ əvvəl olduğum din əhli barədə soruşdum. Ona onların namazlarından və ibadətlərindən danışdım. Buna görə bu ayə nazil oldu: “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bu hədisin sənədində arakəsmə var. Mucahid Salman əl-Farsidən (Allah ondan razı olsun) hədis eşitməmişdir. (Əhməd Şakir).
Mən deyirəm: “Bu rəvayətlə İbn Abbasdan (Allah ondan razı olsun) nəql edilən rəvayət arasında heç bir ziddiyyət yoxdur. İbn Abbasdan (Allah ondan razı olsun) nəql edilən rəvayətə görə “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər” ayəsindən sonra Uca Allah “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (“Ali-İmran”, 85) ayəsini nazil etdi”. Bu rəvayətdə İbn Abbas (Allah ondan razı olsun) bildirir ki, Muhəmməd Peyğəmbər ﷺ göndərildikdən sonra onun şəriətinə tabe olanlardan başqa heç kəsdən nə bir din, nə də bir əməl qəbul olunmaz. Muhəmməd Peyğəmbərdən ﷺ əvvəlki ümmətlərə gəlincə isə, öz dövrlərindəki peyğəmbərə tabe olanlar doğru yolda olmuşlar və məhz onlar nicat tapanlardır”.
Yəhudilər Musaya (ona salam olsun) tabe olub, öz dövrlərində mühakimə üçün Tövrata müraciət edənlərdir. التَّهَوُّدُ [ət-təhəvvud] “Yəhudi” sözü ərəbcə الْهَوَادَةُ [əl-həvə:dətu] sözündən törənmiş, “dostluq”, “bağlılıq” mənasını və ya التَّهَوُّدُ [ət-təhəvvud] sözündən olub, “tövbə etmək” mənasını verir. Necə ki Musa (ona salam olsun) demişdir: إِنَّا هُدْنَا إِلَيْكَ - [İnnə hudnə ileyk] “Həqiqətən, Biz sənə tövbə etdik!” (“əl-Əraf”, 156). هُدْنَا [hudnə], yəni “tövbə etdik”. Beləcə onlar (buzova ibadət etməkdən) tövbə etdiklərinə və bir-birlərinə qarşı bağlılıqlarına görə belə adlanmışlar. İsa Peyğəmbər ﷺ göndərilən zaman İsrail oğullarına onun ardınca gedib, əmrlərinə tabe olmaq vacib idi. İsanın davamçıları və dininin mənsubları nəsranilər adlanır. Belə adlanmalarına səbəb öz aralarında bir-birinə yardım etmələridir. Həmçinin onlara “ənsarlar” da deyilir. Necə ki İsa (ona salam olsun) demişdir: “İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” (“Ali-İmran”, 52). Başqa bir rəyə görə, onlar “Nasira” deyilən bir yerdə məskunlaşdıqlarına görə belə adlanmışlar. نَصَارَى [nəsa:ra:] “Yardım edənlər”sözü نَصْرَانُ [nəsra:nu] “yardım edən” sözünün cəmidir. Bu vəzndə cəmlənən sözlərə نَشْوَانُ  [nəşvə:nu] “xumarlanmış” sözünün cəmi olan نَشَاوَى  [nəşə:və:] və سَكْرَانُ  [səkra:nu] “sərxoş” sözünün cəmi olan سَكَارَى  [səkə:ra:] kimi sözləri misal gətirmək olar. Nəsrani qadına isə  نَصْرَانَةٌ  [nəsra:nə] deyilir.
Uca Allah Muhəmməd Peyğəmbəri ﷺ peyğəmbərlərin sonuncusu və bütün bəşəriyyətə peyğəmbər olaraq göndərməsi ilə artıq onlara bu Peyğəmbəri təsdiq etmək, onun əmrlərinə itaət edib, qadağan etdiklərindən çəkinmək vacib oldu. Həqiqi möminlər də məhz bu xüsusiyyətlərə malik olanlardır. Muhəmməd Peyğəmbərin ﷺ ümmətinin “möminlər” adlanmasının səbəbi imanlarının və yəqinliklərinin çox olmasıdır. Çünki onlar bütün keçmiş peyğəmbərlərə və gələcəkdə baş verəcək qeybə (Qiyamətin əlamətləri, ölümdən sonra və Axirətdə baş verənlərə və s). inanırlar.
Sabiilərə gəlincə, onların kim olması barədə müxtəlif fikirlər var. Mucahid demişdir: “Sabiilər atəşpərəstlər, yəhudilər və xaçpərəstlər arasında bir qövmdür. Dinləri yoxdur”. Həmçinin Əta və Səid ibn Cubeyrdən də belə rəvayət edilmişdir. Əbul-Aliyə, əs-Suddi, İshaq ibn Rahaveyh və başqalarından isə sabiilərin Kitab əhlindən bir firqə olub, Zəburu oxuduqları rəvayət olunur.
Abdur-Rahmən ibn Zeyd belə demişdir: “Sabiilər mövcud olan dinlərdən birinə mənsub olan tayfadır. Onlar Mosul ətrafında yaşayan və “Lə İləhə İlləllah” (Allahdan başqa haqq məbud yoxdur) deyən bir qövm olmuşlar. Buna baxmayaraq, onların nə əməlləri, nə kitabları, nə də peyğəmbərləri var idi. Yalnız “Lə İləhə İlləllah” (Allahdan başqa haqq məbud yoxdur) sözünü deyirdilər. Onlar heç bir peyğəmbərə iman gətirməmişlər. Bu səbəbdən müşriklər Peyğəmbərə ﷺ və onun səhabələrinə: “Bunlar sabiilərdir”, – deyirdilər. Yəni “Lə İləhə İlləllah” (Allahdan başqa haqq məbud yoxdur) dedikləri üçün onlara bənzədirdilər”.
Bu rəylərdən ən doğru olanı – Allah daha yaxşı bilir – Mucahid və onun davamçılarının və Vahb ibn Munəbbihin sözüdür ki, onlara görə, sabiilər nə yəhudi, nə xaçpərəst, nə atəşpərəst, nə də müşrik olan bir qövmdür. Onlar fitrət üzərində olduqları kimi qalmışlar. Tabe olduqları və əməl etdikləri bir dinləri yoxdur. Bu səbəbdən müşriklər İslamı qəbul edənləri “Sabii” ləqəbi ilə adlandırırdılar. Yəni onları o vaxt yer üzündə mövcud olan dinlərdən çıxmış hesab edirdilər.
əl-Bəqərə, 63-64
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ * ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَلِكَ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ
63. Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və içində olanları yada salın ki, bəlkə, Allahdan qorxasınız!”
64. Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.

 
Uca Allah bu ayələrdə İsrail oğullarına Allahın təkliyinə inanaraq, Ona şərik qoşmayacaqları və peyğəmbərlərinə tabe olacaqları barədə əhd aldığını xatırladır və bu əhdə sadiq qalacaqlarına, ondan möhkəm yapışaraq qətiyyətlə, ciddi cəhdlə əməl edəcəklərinə söz vermələri üçün dağı başları üstünə qaldırdığını bildirir. Necə ki Uca Allah bu barədə “əl-Əraf” surəsində belə buyurur: “Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Biz onlara: “Sizə verdiyimizdən möhkəm yapışın və içində olanları xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik” (“əl-Əraf”, 171). Ayədə gələn الطُّورُ [ət-tur] sözü “dağ” mənasındadır. Necə ki “əl-Əraf” surəsində belə təfsir olunur. İbn Abbas (Allah ondan razı olsun) və başqaları da bunu demişlər. Doğru görünən də budur. əl-Həsən Uca Allahın “Sizə verdiyimizdən möhkəm yapışın və içində olanları yada salın” ayəsi barədə demişdir: “Yəni Tövratdan möhkəm yapışın. “Möhkəm yapışın”, yəni Tövratda olanlara əməl etməklə və itaət etməklə  “içində olanları yada salın”, yəni Tövratda buyurulanları oxuyun və əməl edin!”
Uca Allah buyurur: “Sonra bunun ardınca siz yenə üz döndərdiniz”. Uca Allah deyir: “Sonra siz möhkəm yapışaraq qətiyyətlə, cidd-cəhdlə əməl edəcəyinizə söz verdiyiniz bu əhddən üz çevirdiniz, geri döndünüz və əhdi pozdunuz. “Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı”, yəni əgər Allah tövbənizi qəbul edib sizə peyğəmbərlər və elçilər göndərməsəydi, bu əhdi pozduğunuza görə bu dünyada da, Axirətdə də “əlbəttə, ziyana uğrayanlardan olardınız”.
əl-Bəqərə, 65-66
وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ * فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ
65. Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”- dedik.
66. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

 
Uca Allah bu ayələrdə buyurur ki, “Ey yəhudilər tayfası! Şənbə gününə hörmətlə yanaşacaqları barədə Allahla əhd-peyman bağladıqdan sonra onu pozan və Allaha asi olan kənd əhalisinin başına gələnləri yaxşı bilirsiniz”. Onlara şənbə gününə hörmətlə yanaşıb, o günü ov etməmək buyurulmuşdu. Onlar isə şənbə günü balıq ovlamaq üçün hiylə edib iplərini, torlarını və qarmaqlarını  şənbədən əvvəlki gündə qururdular. Şənbə günü gəlincə, adəti üzrə, balıqlar çox sayda gəlirdi və onların qurduqları torlara düşüb geri qayıda bilmirdi. Şənbə günü bitdikdən sonra isə gecə qarmağa düşən balıqları yığırdılar. Belə etdiklərinə görə Allah onları meymunlara çevirdi.
Bilindiyi kimi, meymun zahirən insana ən çox bənzəyən heyvandır, amma həqiqətdə insan deyil. Həmçinin onların əməlləri və hiylələri də zahirdə haqqa bənzəyib, əslində isə haqqa zidd əməl olduğu üçün cəzaları da etdikləri əməlin cinsindən olmuşdu. Bu hekayət “əl-Əraf” surəsində geniş olaraq gəlmişdir. Belə ki Uca Allah buyurur: “Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdi. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. O zaman onlardan bir dəstə dedi: ”Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu, Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!” Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq. Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”- dedik” (“əl-Əraf”, 163–165).
Uca Allah buyurur: “Biz də onlara: “Mənfur meymunlar olun!” – dedik”. Mucahid demişdir: “Onların qəlbləri meymun qəlbinə çevrildi. Özləri çevrilmədi. Bu yalnız Allahın çəkdiyi bir məsəldir. Necə ki buyurur: ”Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər” (“əl-Cumuə”, 5). Bu rəy burada və digər yerlərdə bu mənada gələn ayələrin zahirinə müxalif olduğu üçün qəribə sayılır. Uca Allah başqa bir ayədə buyurur: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (“əl-Maidə”, 60).
Uca Allah buyurur: “Mənfur meymunlar olun!”- dedik”, yəni “zəlil və alçaq meymunlar olun”, – dedik. [Daha sonra müəllif əl-Hafiz İbn Kəsir bəzi səhabə və tabiinlərdən həddi aşanların meymuna çevrilməsi barədə təfsilatları açıqlayan əsərlər nəql edib, sonra demişdir:] “Bu alimlərdən bu əsərləri gətirməyimdə məqsəd Mucahidin “onların meymuna çevrilmələri zahirən deyil, mənən olması” rəyinin müxalif bir rəy olduğunu bildirməkdir. Doğru olan budur ki, onlar həm mənən, həm də zahirən meymuna çevrilmişlər. Ən doğrusunu Allah bilir!
Sonra Uca Allah buyurur: “Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət etdik”. Bəzi təfsir alimləri “bunu” sözünün meymunlara aid olduğunu, bəziləri isə balıqlara və ya cəzaya aid olduğunu söyləmişlər. Meymuna çevrilmiş qəsəbəyə aid olduğunu söyləyənlər də var. Bu rəyləri İbn Cərir nəql etmişdir. Doğru olan, əvəzliyin qəsəbəyə aid olmasıdır. Bu zaman ayənin mənası belə olur: ”Allah bu qəsəbənin əhalisini həddi aşmaları və şənbə gününə riayət etməmələri səbəbindən həm onlarla bir dövrdə yaşayanlara, həm də onlardan sonra gələnlər üçün ibrət etdi”. Yəni onları cəzalandırmaqla digərlərinə ibrət etdik. Necə ki Uca Allah Firondan bəhs edərək buyurur: “Belə olduqda, Allah da onu dünyada (başqalarına) ibrət, Axirətdə isə əzabla yaxaladı” (“ən-Naziat”, 25). Beləliklə, “onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün”, yəni qəsəbələr üçün nəzərdə tutulur. Necə ki Uca Allah buyurur: ”Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara müxtəlif cür izah etdik ki, bəlkə, küfrdən əl çəkələr” (“əl-Əhqaf”, 27). Həmçinin təfsir alimlərin rəylərindən birinə görə, bu mənada gələn ayələrdən biri də Uca Allahın bu sözüdür: “Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi?” (“ər-Rad”, 41). Deməli, “Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət etdik” ayəsində məkan, ərazi nəzərdə tutulur.
Sonra Uca Allah buyurur: “Müttəqilər üçün isə öyüd-nəsihət etdik”. İbn Abbas (Allah ondan razı olsun) ayənin təfsirində demişdir: “Yəni Qiyamətə qədər onlardan sonra gələn müttəqilərə öyüd-nəsihət etdik”. Mən deyirəm: “Burada “öyüd” dedikdə haramdan çəkindirən maneə qəsd olunur. Yəni Allahın haram etdiklərini hiylə işlətməklə halal saydıqlarına görə bu qövmün başına gələn fəlakət, əzab və cəzadan müttəqilər çəkinsinlər ki, onların başına gələnlər, özlərinin də başına gəlməsin”. Necə ki İmam Əbu Abdullah ibn Batta Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Yəhudilərin etdikləri günahları siz etməyin ki, sonda ən kiçik bir hiylə işlətməklə Allahın haram etdiklərini halal görməyəsiz!” (İbn Batta, səh. 24. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 1535). Bu hədisin isnadı yaxşıdır. Sənədin digər raviləri tanınmış və səhih hədisin şərtinə uyğundur. Ən doğrusunu isə Allah bilir!
əl-Bəqərə, 67
وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ
67. Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?” – dedilər. Musa: “Cahil olmaqdan Allaha sığınıram!” – dedi.

 
Uca Allah bu ayədə buyurur: “Ey İsrail oğulları! İnək məsələsində sizə möcüzə göstərərək verdiyim nemətimi xatırlayın. Bu inək vasitəsilə ölən kəsi diriltdim ki, onu öldürənin kim olduğunu özü söyləsin və beləliklə, sizə qatilin kim olduğunu bildirdim”. [Sonra İbn Kəsir burada bu hekayəti – inək hekayətini – açıqlayan uzun rəvayətlər gətirmişdir. Bu rəvayətlərin hamısının sənədi rəvayət edənə çatmır və istinad edilə biləcək rəvayətlər deyildir. Sonra İbn Kəsir demişdir:] “Ubeydə, Əbul-Aliyə, əs-Suddi və digərlərindən nəql edilən bu rəvayətlər bir-birindən müəyyən qədər fərqlidir. Lakin görünür ki, bu rəvayətlərin hamısı İsrail oğullarının kitablarından götürülmüşdür. Bu cür rəvayətlərin nəql edilməsi icazəlidir. Lakin biz onları nə təsdiqləyir, nə də yalan sayırıq. Buna görə bu rəvayətlərə yalnız bizdə olan haqqa uyğun gəldiyi halda etibar etmək olar. Ən doğrusunu isə Allah bilir!”
əl-Bəqərə, 68-71
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُوا مَا تُؤْمَرُونَ * قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِرِينَ * قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ * قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَا شِيَةَ فِيهَا قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ
68. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!”
69. Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları sevindirir".
70. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”.
71. Musa dedi: “Allah buyurur ki, o nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!” – dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.

 
Uca Allah bu ayələrdə bizə İsrail oğullarının inadkarlığından və peyğəmbərlərinə çox sual vermələrindən xəbər verir. Onlar özlərini çətinliyə saldıqca Allah da onları çətinliyə saldı. Halbuki əgər onlara inək kəsmək əmr olunduğu zaman hər hansı bir inəyi kəssəydilər, onlardan qəbul olunardı. Necə ki bunu İbn Abbas, Ubeydə və başqaları demişlər, lakin onlar çətinləşdirdikcə Allah da onların işini çətinləşdirdi. “Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin”, yəni bizə açıqlasın ki, bu necə bir inəkdir? Onun xüsusiyyətləri necədir? İbn Cərir rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əgər (Allah onlara əmr etdiyi zaman) hər hansı adi bir inək götürsəydilər, kifayət edərdi. Lakin onlar işlərini çətinləşdirdikcə Allah (Əhməd Şakir demişdir: “Bu cümlədə “Allah “ kəlməsi əl-Əzhəriyyə əlyazmasından əlavə edilmişdir. ət-Tabərinin təfsirində də bu söz yazılıb (1235)”). da onların işini çətinləşdirdi”. Bu əsərin isnadı səhihdir. Bir çoxları onu İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. İbn Cureyc demişdir: “Əta mənə belə dedi: “Əgər hər hansı bir inəyi götürsəydilər, kifayət edərdi”. İbn Cureyc demişdir: “Peyğəmbər ﷺ buyurdu: “Onlara hər hansı bir inəyi kəsmək əmr olunmuşdur, lakin onlar özlərini  (Əhməd Şakir demişdir: “Bu kəlmə də əl-Əzhəriyyə əlyazmasından əlavə edilmişdir. ət-Tabərinin təfsirində də bu söz yazılıb (1242) çətinliyə saldıqca, Allah da onların işini çətinləşdirdi. Allaha and olsun ki, əgər onlar: ”Əgər Allah istəsə, biz düz yolda olarıq”, – deməsəydilər, heç vaxt onlara həqiqət (qatilin kim olması) açıqlanmazdı”. (Əhməd Şakir demişdir: “Peyğəmbərdən ﷺ rəvayət olunan bu hədis, əslində, mursəldir (Peyğəmbərlə ﷺ tabiin arasında olan ravi buraxılmışdır) və dəlil üçün yararlı deyil. Bu hədisin mənası az sonra Allahın izni ilə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan Peyğəmbərin ﷺ hədisində açıqlanacaq”).  
Uca Allah buyurur: “Musa dedi: “Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir”, yəni nə yaşlı və əldən düşmüşdür, nə də hələ erkəklə cütləşməmiş (Əhməd Şakir demişdir: “Əlyazmada və nəşr olunmuş nüsxədə لَم يَلْحَقْهَا “çatmamış” sözü yazılıb. Bu söz səhvdir və cümləyə heç uyğun gəlmir. Bu səbəbdən onu dəyişib لَمْ يُلَقِّحْهَا “cütləşməmiş” sözü yazdıq”). kiçikdir. Necə ki İbn Abbas, Əbul-Aliyə və başqaları bunu demişlər.
“Sarı rəngli”, yəni rəngi sarıdır. (Əhməd Şakir demişdir: “Bu cümlə mənim öz sözümdür. İbn Kəsirin gətirdiyi əsərlərin məzmunu belədir”). əl-Həsən isə demişdir: “Tünd-qara rəngli inəkdir”. Bu təfsir qəribədir. Doğru olan birinci rəydir (sarı olması). Bu səbəbdən Uca Allah inəyin sarılığını təsdiqləmək üçün “parlaq bir inəkdir”, – demişdir, yəni açıq rəngli.
Uca Allah buyurur: “Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür”, yəni çoxluğuna görə bir-birinə bənzəyir. Bu səbəbdən bu inəyin xüsusiyyətini və şəklini bizə açıq-aşkar vəsf et! “Əgər Allah istəsə”, yəni əgər bizə bu inəyi düzgün vəsf etsən, onu tapmaq üçün “biz düz yolda olarıq”. Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Əgər İsrail oğulları: “Əgər Allah istəsə, biz düz yolda olarıq”, – deməsəydilər, heç vaxt istədiklərinə nail olmazdılar. Lakin onlar “in şəə Allah” (Əgər Allah istəsə) dedilər (Allah da onlara haqqı bildirdi)”. (İbn Əbu Hatim, 722. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1652). Hədisi İbn Əbu Hatim və İbn Mərdəveyh rəvayət etmişlər. Hədisin mətni İbn Əbu Hatimin rəvayətidir. Hədis bu şəkildə “ğarib”dir. Ən yaxşı halda Əbu Hureyranın sözüdür. Ən doğrusunu Allah bilir. (Əhməd Şakir demişdir: “Hədisin sənədində “Surur ibn əl-Muğiranın Abbad ibn Mənsurdan rəvayəti var”. Surur ibn əl-Muğira ibn Zəzən barədə əl-Əzdi danışmışdır. Doğru olan budur ki, o etibarlı ravidir. İbn Hibban onu “əs-Siqat” kitabında qeyd etmişdir. Onun tərcümeyi-halını əl-Buxari “əl-Kəbir” kitabında (2/2/217) və İbn Əbu Hatim gətirmişlər və onun ədalətinə xələl gətirən bir söz deməmişlər. əl-Heysəmi “Məcməuz-Zəvaid” kitabında (6/314) bu hədisə oxşar olan hədisi müxtəsər olaraq rəvayət etmiş, sonra da demişdir: “Hədisi əl-Bəzzər rəvayət etmişdir. Hədisin sənədində Abbad ibn Mənsur var və o zəifdir. Qalan ravilər etibarlıdır”. Haqq olan budur ki, Abbad ibn Mənsur etibarlıdır. Lakin ömrünün son illərində yaddaşı zəifləmişdir. Ola bilsin bu səbəbdən səhvən onu Peyğəmbərdən ﷺ rəvayət etmişdir. Üstün rəy budur ki, hədis Əbu Hureyranın (Allah ondan razı olsun) sözüdür. Necə ki İbn Kəsir söyəmişdir”).  
Uca Allah buyurur: “Musa dedi: “Allah buyurur ki, o nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir”, yəni bu inək nə yer şumlamaqla zəlil edilmiş, nə də su çarxında su daşımaq üçün istifadə olunmuşdur. Əksinə, o, qayğı ilə, sevilərək bəslənmiş gözəl inək olmalıdır. “O sağlamdır”- eyibsiz, qüsursuz inəkdir. “Onda heç bir ləkə yoxdur”, yəni öz rəngindən başqa hər hansı bir rəng və ləkə (qaşqa) yoxdur.
“Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”- dedilər”. Qatədə demişdir: “Yəni indi bizə açıqladın”. “Onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Az qalsın onu etməyəcəkdilər, çünki, əslində, etmək istədikləri bu deyildir. Əslində, kəsmək istəmirdilər”. Yəni bu qədər suallara, açıqlamalara baxmayaraq, yalnız böyük səydən sonra kəsdilər. Bu ifadə ilə Uca Allah onları məzəmmət edir, çünki İsrail oğullarının məqsədi yalnız inadkarlıq göstərmək idi. Bu səbəbdən az qala inəyi kəsməyəcəkdilər. İbn Cərir demişdir: “Digər alimlər isə belə demişlər: “Rəzil olmaqdan qorxduqları üçün az qala bunu etməyəcəkdilər, çünki Allah mübahisə etdikləri qətlin qatilini ortaya çıxararsa, rəzil olacaqdılar”. İbn Cərir bu təfsirdə heç kəsə isnad etməmişdir. Sonra İbn Cərir bildirmişdir: “Doğru rəy budur ki, həm inəyin qiyməti baha olduğu üçün, həm də rəzil olmamaq üçün az qala onu kəsməyəcəkdilər. Lakin bu rəyə yenidən nəzər yetirmək lazımdır. Ən doğru olan – Allah daha yaxşı bilir – əvvəl İbn Abbasdan (Allah ondan razı olsun) qeyd etdiyimiz rəydir. Müvəffəq edən yalnız Allahdır!
əl-Bəqərə, 72-73
وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا وَاللَّهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَ * فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِ اللَّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
72. O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.
73. Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə, anlayasınız.

 
əl-Buxari demişdir: “Onun qatili barəsində mübahisə edirdiniz”, yəni ixtilafa düşmüşdünüz”. Mucahid də bunu demişdir. “Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar” ayəsinin təfsirində Mucahid demişdir: “Yəni sizin gizli saxlamaqla örtmək istədiyinizi aşkara çıxarar”. “Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” – bu bir parça inəyin istənilən bir hissəsi ola bilər. Hansı hissə olursa-olsun, möcüzə baş verəcək və fövqəladə hadisə həyata keçəcək. Lakin bu parça müəyyən bir hissə də ola bilərdi. Əgər bu parçanın təyin olunmasında bizim üçün din və ya dünya işimizdə bir fayda olsaydı, şübhəsiz ki, Uca Allah onu bizə açıqlayardı. Lakin Allah bunu açıqlamamışdır. Bu barədə bizdə Peyğəmbərdən ﷺ gələn səhih bir hədis də yoxdur.  Buna görə də madam ki Allah bu məsələni açıqlamamış, biz də dərinə getməyib, bu məsələni açıqlamadan saxlayırıq.
Uca Allah buyurur: “Allah ölüləri bu cür dirildir” – yəni onlar inəyin parçasını ölüyə vurdular və Allah ölünü diriltdi. Uca Allah onların gözləri ilə şahidi olduqları, ölünün dirildilməsi hadisəsi ilə Öz qüdrətini və ölüləri diriltməyə Qadir olmasını diqqətə çatdırır. Uca Allah bu hadisəni öldükdən sonra dirilmək məsələsində onlara qarşı dəlil olaraq və eyni zamanda aralarındakı mübahisəyə və inadkarlığa son qoymaq üçün etmişdir. (Əhməd Şakir demişdir: “əl-Əzhəriyyə əlyazmasında العناد “inadkarlığa” sözünün əvəzinə الفساد “fəsada” sözü gəlmişdir”). Uca Allah bu surədə (“əl-Bəqərə” surəsində) ölüləri diriltməsini beş ayrı yerdə zikr etmişdir. Birinci, “Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə, şükür edəsiniz” (“əl-Bəqərə”, 56). İkinci, təfsiri barədə danışdığımız ayə. Üçüncü, Minlərlə adam olduqları halda ölüm qorxusundan yurdlarından çıxanların hekayəti (“əl-Bəqərə”, 243). Dördüncü, Damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayəti (“əl-Bəqərə”, 259). Beşinci, İbrahim və Allahın dörd quşu diriltməsi hekayəti (“əl-Bəqərə”, 260). Həmçinin Uca Allah Quranda ölmüş torpağı diriltdiyi kimi, çürüyüb torpaq olan cəsədləri də diriltməyə Qadir olmasını diqqətə çəkmişdir. Necə ki Əbu Davud ət-Tayəlisi rəvayət edir ki, Əbu Razin əl-Uqeyli (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi, Allah ölüləri necə dirildəcək?” O dedi: “Sən heç saralmış bir vadidən keçmədinmi? Sonra onun yaşıllaşdığını görmədinmi?” Mən: “Bəli”, – dedim. Peyğəmbər ﷺ dedi: “Diriltmə də belə olacaqdır” və ya “Allah ölüləri də belə dirildəcəkdir”. (Əhməd Şakir demişdir: “Musnəd ət-Tayəlisi, (1089). Həmçinin buna oxşar hədisi Əhməd “əl-Musnəd” əsərində (16261, 16262, 16265) rəvayət etmişdir. Hədisi rəvayət edən Əbu Razin tanınmış səhabə Ləqit ibn Saburadır”. Hədis həsəndir. Bax: “Səhih əl-Cami” 1334). Uca Allahın bu ayəsi buna şahiddir: “Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?” (“Yasin”, 33–35).
əl-Bəqərə, 74
ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
74. Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyil.

 
Uca Allah İsrail oğullarını gördükləri möcüzələr, xüsusilə də ölüləri diriltməsini müşahidə etmələrindən təsirlənmədiklərinə görə məzəmmət edərək buyurur: “Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib”, yəni bütün bu gördüklərinizdən sonra qəlbiniz sərtləşib “daş kimi, hətta ondan da sərt oldu” və heç vaxt yumşalmaz. Bu səbəbdən Uca Allah möminlərə onların halına düşməyi qadağan edərək buyurur: “Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?” (“əl-Hədid”, 16).
Aufi öz təfsirində İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Zaman keçdikcə İsrail oğullarının əvvəl gördükləri ayələrə və möcüzələrə baxmayaraq, ürəkləri sərtləşdi və öyüd dinləməkdən uzaqlaşdı. Ürəkləri o qədər sərtləşdi ki, sərtlikdə yumşalması mümkün olmayan daşlar kimi, hətta daşlardan da sərt oldu. Çünki daşlardan eləsi var ki, içərisindən çaylar, bulaqlar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən axar olmasa belə, su çıxar. Eləsi də var ki, Allahın qorxusundan dağlardan aşağı yuvarlanıb düşər. Bunların hamısının özlərinə görə iradələri var. Necə ki Uca Allah buyurur: “Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O Həlimdir, Bağışlayandır” (“əl-İsra”, 44)”.
Ərəb dilçiləri Uca Allahın: “Qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu” ayəsindəki أَوْ [əv] ədatının “şəkk”, “şübhə” mənasında olmasının qeyri-mümkünlüyündə yekdil rəyə gəldikdən sonra bir qismi bu ədatın وَ [və] “və ya” bağlayıcısı mənasında olduğunu söyləmişdir. Bu halda məna “Qəlbləriniz sərtləşib daş kimi və ya ondan da sərt oldu” kimi olacaq. Necə ki buna bənzər başqa bir ayədə Uca Allah belə buyurur: “Belə ki Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!” (“əl-İnsan”, 24).
Digər dilçilər isə buradakı أَوْ [əv] ədatının بَلْ [bəl] “hətta” mənasında olduğunu demişlər. Bu halda ayənin mənası belə olur: “Qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu”. Necə ki Uca Allah bu ayələrdə eyni ədatı istifadə etmişdir: “Onlara vuruşmaq vacib edildikdə içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular” (“ən-Nisa”, 77); “Biz onu yüz min, hətta daha çox adama peyğəmbər göndərdik” (“əs-Saffət”, 147); “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi” (“ən-Nəcm”, 9).
əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh İbn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allahı zikr etməkdən kənar çox danışmayın! Çünki həqiqətən, Allah zikr olunmadan çox danışmaq qəlbi sərtləşdirir. Həqiqətən, Allahdan ən uzaq olanlar sərtqəlbli insanlardır”. (ət-Tirmizi, 2411, 2593. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 920). Hədisi ət-Tirmizi kitabında əz-Zuhd bölümündə gətirmişdir və ardınca “hədis ğaribdir, bu hədisi ancaq İbrahim rəvayət etmişdir”, – demişdir. (Əhməd Şakir demişdir: “Hədisi ət-Tirmizi rəvayət etmişdir. (3/289). İbrahim ibn Abdullah ibn əl-Həris ibn Hatib əl-Cəmhi hədisi rəvayət edənlərdən biridir. İbn Hibban onu “əs-Siqat” kitabında qeyd etmiş və demişdir: “Hədis rəvayətində düzgündür”. Onun tərcümeyi-halını əl-Buxari “əl-Kəbir” kitabında (1/1/298-299) vermiş və demişdir: “Bəzi rəvayətləri mursəldir”. Bu heç də ona tən deyil. Həmçinin İbn Əbu Hatim də onun tərcümeyi-halını gətirmiş (1/1/110) və onun barəsində heç bir tən deməmişdir. Hədisin isnadı səhihdir”).  
əl-Bəqərə, 75-77
أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ * وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَى بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ أَفَلَا تَعْقِلُونَ * أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
75. Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər.
76. Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”- deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”- deyirlər.
77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

 
Uca Allah bu ayələrdə buyurur: “Ey Möminlər! “Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz?”- yəni bu azğın yəhudi toplumunun sizə itaət edib, tabe olacaqlarınımı gözləyirsiniz? Halbuki onların ataları da açıq-aşkar möcüzələri gördükdən sonra yenə də ürəkləri sərtləşmiş və haqqa tabe olmamışlar. “Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər”- yəni şərh edərkən əsl mənaya deyil, səhv mənaya yozurdular. “Anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər” – yəni Allahın sözünü açıq-aşkar başa düşdükdən sonra haqqı görə-görə və səhv etdiklərini bilə-bilə ona müxalif olurdular. Bu ayə Uca Allahın bu ayəsinə çox bənzəyir: “İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir” (“əl-Maidə”, 13).
İbn Zeyd Uca Allahın “Allahın Sözünü eşidib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər” ayəsi barədə demişdir: “Allahın onlara nazil etdiyi Tövratı təhrif edir və oradakı halalı haram, haramı isə halal edirdilər. Haqqı batil, batili isə haqq yerinə qoyurdular. Haqq sahibi onlara rüşvət verdiyi zaman ona Allahın Kitabını göstərirdilər. Haqsız bir adam rüşvət verdiyi zaman isə yenə Kitabı gətirib, onun haqlı olduğunu deyirdilər. Hər hansı bir adam gəlib haqqı olmadığı bir şeyi istədikdə və rüşvət vermədiyi təqdirdə ona haqqa uyğun hökm verirdilər, rüşvət verdikdə isə haqqa uyğun qərar vermirdilər (onun istəyinə uyğun hökm verirdilər). Bu səbəbdən Uca Allah onlara xitab edərək demişdir: “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda özünüzü unudursunuz? Məgər anlamırsınız?” (“əl-Bəqərə”, 44).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”- deyir”, yəni “Yoldaşınızın Allahın Elçisi ﷺ olduğuna inandıq, lakin o yalnız sizin üçün gəlmişdir (bizə deyil)”, – deyirlər”, “Bir-birləri ilə xəlvətdə qalanda isə” deyirdilər: “Ərəblərə deməyin ki, siz bundan öncə peyğəmbər gözləyirdiniz və bu peğəmbərlə onların (ərəblərin) üzərində qələbə çalmaq istəyirdiniz. Bu peyğəmbər isə onlardan (ərəblərdən) çıxdı. Uca Allah da bu ayəni endirdi: “Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”- deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”- deyirlər”, yəni onun (Muhəmmədin) Peyğəmbər ﷺ olduğunu təsdiq etməyinizi deməyin, çünki ona tabe olmaq barədə Allahın sizdən əhd aldığını bilirsiniz. Peyğəmbər ﷺ müsəlmanlara bildirmişdir ki, gözlədiyimiz və Kitabımızda (Tövratda) əlamətləri olan Peyğəmbər odur. Onu inkar edin və qəbul etməyin!” Uca Allah da cavabında buyurur: “Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?”
əl-Bəqərə, 78-79
وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ * فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ
78. Onların arasında Kitabı bilməyən elə savadsızlar var ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar.
79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqlarına görə vay onların halına!

 
Uca Allah bu ayədə buyurur ki: “Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki”, yəni Kitab əhlindən bir qismi də Kitabı bilməyən savadsızlardır. Mucahid də bunların Kitab əhlindən olduğunu söyləmişdir. Ayədə gələn الأمِّيُّ [əl-ummi] sözü yazıb-oxumağı yaxşı bilməyən adama deyilir. Bu məna Uca Allahın “Kitabı bilməyən” sözündən də açıq görünür, yəni Kitabda nə yazıldığını bilməzlər. Buna görə Muhəmməd Peyğəmbərin ﷺ sifətlərindən biri də ummi (yazıb-oxumağı bilməyən) olmasıdır, çünki o da yazmağı yaxşı bacarmırdı. Necə ki Uca Allah Peyğəmbərinə ﷺ müraciət edərək belə buyurur: “Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər” (“əl-Ənkəbut”, 48). Peyğəmbər ﷺ demişdir: “Biz savadsız bir ümmətik, nə yazmaq bilirik, nə də hesablamaq. Ay gah belə, gah da belə (olur), yəni hərdən iyrimi doqquz, hərdən də otuz gün olur”. (Əhməd Şakir demişdir: “Hədisi Əhməd “əl-Musnəd” əsərində İbn Ömərdən (Allah ondan razı olsun) bir neçə yerdə rəvayət etmişdir. Məsələn: (5017, 5137-ci hədislər). Hədisi həmçinin əl-Buxari və Muslim də rəvayət etmişlər. Bax: “Fəthul-Bari”, (4/107-109), Səhih Muslim (1/298–299)”. əl-Buxari, 1780, 1913; Muslim, 1806, 2563). Yəni ibadətlərimizin vaxtını təyin etməkdə yazıb-hesablamağa ehtiyac duymuruq. Uca Allah başqa bir ayədə buyurur: “Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər” (“əl-Cumuə”, 2).
Uca Allah buyurur: “Onlar ancaq xülyalara dalar”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: ”Xülyalar” – ağızları ilə söylədikləri yalan sözlərdir”. Mucahid demişdir: “Ayədə bəhs edilən savadsızlar Musaya (ona salam olsun) nazil olan Kitabdan heç bir şey bilməyən, lakin Kitabda olmayan batil və yalan şeylər uyduraraq bunun kitabda olduğunu söyləyən yəhudilərdir. Bu ayədə “xülyalar” dedikdə uydurulmuş yalanlar nəzərdə tutulur”. Osman ibn Affandan (Allah ondan razı olsun) rəvayət edilən əsərdə də bu nəzərdə tutulur. Osman ibn Affan (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərə ﷺ beyət edəndən bəri nə boş şeylərlə məşğul oldum, nə də yalan uydurdum”. Yəni nə batil işlərlə məşğul oldum, nə də yalan danışdım. İbn Abbas (Allah ondan razı olsun) “Onların arasında Kitabı bilməyən elə savadsızlar var ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar” ayəsinin təfsirində demişdir: “Yəni Kitabda olandan xəbərləri yoxdur, buna baxmayaraq, zənn ilə sənin peyğəmbərliyini inkar edərlər”.
Sonra Uca Allah buyurur: “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” Bunlar isə yəhudilərin başqa bir tipidir. Bunlar, Allaha qarşı yalandan şahidlik edərək (zəlalətə) azğınlığa çağıran və insanların mallarını haqsız yerə yeyənlərdir. “Vay” sözünün mənası “həlak olmaq”, “məhv olmaq” deməkdir. Ərəb dilində bu söz məşhurdur. İbn Abbas (Allah ondan razı olsun) “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər” ayəsinin təfsirində demişdir: “Ayədə yəhudilərin baş keşişləri nəzərdə tutulur”.
əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Ey müsəlmanlar! Allahın Öz Peyğəmbərinə ﷺ nazil etdiyi Kitabda (Quranda) Allahın gətirdiyi ən yeni, yalan qatılmamış, xalis Allah kəlamından ibarət olan xəbərlər oxuya-oxuya, Kitab əhlindən bir şey barədə necə soruşa bilərsiniz? Halbuki Allah Öz Kitabında sizə bildirmişdir ki, Kitab əhli Allahın onlara endirdiyi Kitabı dəyişərək öz əlləri ilə kitab yazmış, sonra da onunla cüzi miqdarda pul əldə etmək üçün: “Bu, Allah tərəfindəndir!” – demişlər. Sahib olduğunuz biliklər Kitab əhlindən soruşmağın qadağan olunmasına kifayət etmirmi? Xeyr, Allaha and olsun ki, Kitab əhlindən heç kəsi sizə nazil olan Kitab haqqında sizə sual verən görmədik”. (Əhməd Şakir demişdir: “Bu əsəri əl-Buxari öz kitabında üç yerdə rəvayət etmişdir (5/215, 13/282, 414, Fəthul-Bari) Bu əsəri kitabın müqəddiməsində “İsrailiyyətlər” barədə danışanda gətirmişik”). əl-Həsən əl-Bəsri demişdir: “Ayədə “cüzi miqdarda pul” dedikdə bütün dünya nəzərdə tutulur”.
Uca Allah buyurur: “Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” – yəni əlləri ilə yazdıqları yalanlar, böhtanlar və iftiralara görə vay olsun! Yedikləri haramlara görə vay olsun!
əl-Bəqərə, 80
وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
80. Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

 
Uca Allah yəhudilərin özləri üçün uydurduqları və nəsilbənəsil ötürdükləri bir iddianı bildirərək buyurur ki, onlar özlərinə atəşin ancaq bir neçə gün toxunacağını, sonra atəşdən xilas olacaqlarını deyirlər. Allah onların bu iddialarını rədd edərək buyurur: “Məgər siz Allahdan əhd almışsınızmı?”, yəni bu iddianızla bağlı Allahdan bir əhd almışsınızmı? Əgər Allahdan bir vəd almışsınızsa, Allah verdiyi əhdə əsla xilaf çıxmaz. Lakin siz yalan danışırsınız, belə bir vəd alınmayıb və olmayıb. Bu səbəbdən Uca Allah ayədə بَلْ [bəl] “əksinə” mənasını verən أَمْ [əm] “yoxsa” ədatı işlətdi. Yəni əksinə, siz Allaha qarşı bilmədiyiniz yalan və iftiralar danışırsınız.
əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh rəvayət edir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Xeybər fəth edildikdə Peyğəmbərə ﷺ (qızardılmış və ətinə) zəhər qatılmış bir qoyun gətirdilər. (Peyğəmbər ﷺ ətdən yedikdən sonra səhabələrinə): “Burada yaşayan yəhudilərin hamısını yanıma toplayın!”- deyə buyurdu. Səhabələr yəhudiləri (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun) yanına cəm etdikdə Peyğəmbər ﷺ: “Atanız kimdir?”- deyə soruşdu. Onlar: “Filankəsdir”, – deyə cavab verdilər. (Peyğəmbər ﷺ onlara) dedi: “Yalan danışdınız, sizin atanız filankəsdir”. Onlar: “Doğru söylədin”, – dedilər. O (yenə) dedi: “Mən sizdən bir söz soruşsam, mənə düzgün cavab verəcəksinizmi?” Onlar dedilər: “Bəli, ey Əbul-Qasim! Hərgah yalan danışsaq, atamız barəsində yalan danışdığımız (sənə agah olduğu) kimi, bu da sənə agah olacaq”. (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun) onlardan: “Kimlər Cəhənnəm oduna düşəcək?”- deyə soruşdu. Onlar dedilər: “Biz orada az bir müddət qalacağıq, sonra isə siz bizim yerimizi tutacaqsınız”. Peyğəmbər ﷺ dedi: “Orada zəlil və məyus halda durub qalın! Biz əsla sizin yerinizi tutmayacağıq!” Sonra (yenə) soruşdu: “Mən sizə bir sual versəm, mənə düzgün cavab verəcəksinizmi?” Onlar: “Bəli, ey Əbul-Qasim!”- deyə cavab verdilər. (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun) soruşdu: “Siz bu qoyunun ətinə zəhər qatmısınızmı?” Onlar: “Bəli!”- dedilər. (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun) soruşdu: “Sizi bu işi görməyə nə vadar etdi?” Onlar dedilər: “(Yoxlamaq) istəyirdik görək, əgər yalançısansa, səndən canımız qurtaracaq, yox əgər Peyğəmbərsənsə, onda bu zəhərin sənə zərəri dəyməyəcək”. (əl-Buxari, 2933, 3169). Əhməd, əl-Buxari və ən-Nəsəi bu hədisə oxşar hədislər rəvayət etmişlər. (əl-Musnəd, 9826 (Əhməd Şakir). Əhməd, 3818, 3819; ət-Tabərani “Mucəmul-Kəbir” 10349. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2470).
əl-Bəqərə, 81-82
بَلَى مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ * وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ
81. Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar!
82. İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!

 
Uca Allah bu ayələrdə buyurur: (Ey yəhudilər!) Məsələ heç də sizin arzuladığınız və istədiyiniz kimi deyil. Əksinə, kim bir pis əməl görər və bütünlüklə günaha batarsa, yəni Qiyamət günü yaxşı əməlləri olmayıb yalnız günahlarla gələrsə, onlar Od sakinləridir. Allaha və Peyğəmbərinə “İman gətirib”, şəriətə uyğun “yaxşı işlər görənlər” Cənnət əhlidirlər. Bu ayə Uca Allahın bu sözünə çox bənzəyir: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır. Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə daxil olarlar və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz” (“ən-Nisa”, 123–124). Burada İmam Əhmədin rəvayət etdiyi hədisi qeyd etmək yerinə düşərdi. Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kiçik hesab etdiyiniz günahlardan çəkinin! Həqiqətən, kiçik günahlar yığıldıqca sahibini həlak edər”. Peyğəmbər ﷺ kiçik günah edib fərqinə varmayanlara bir məsəl çəkmişdir. Onların məsəli səhrada gecələyən bir toplumun məsəlinə bənzəyir. Yemək bişirmək vaxtı çatdıqda hər kəs dağılışıb bir çubuq gətirdi, nəticədə böyük bir tonqal qaladılar və yeməklərini bişirdilər”. (əl-Musnəd (3818). Hədisin isnadı səhihdir (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhihut-Tarğib vət-Tarhib, 2471).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!” – yəni (ey yəhudilər!) sizin inkar etdiyinizə inanıb, tərk etdiyinizi əməl edənlər üçün Cənnət var. Onlar orada əbədi qalacaqlar. Uca Allah bu ayədə onlara xəbər verir ki, Qiyamət günü xeyir əmələ görə mükafat, şər əmələ görə isə cəza əbədi olacaq və heç vaxt bitməyəcək”. 
əl-Bəqərə, 83
وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ
83. Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”- deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz.

 
Uca Allah İsrail oğullarına əmrlər verdiyini və bu əmrlərə tabe olacaqlarına dair onlardan əhd aldığını, onların da qəsdən, bilə-bilə bu əhddən imtina edib üz çevirdiklərini xatırladır. Halbuki onlar bu əhdi xatırlayır və belə bir vəd verdiklərini yaxşı bilirdilər.
Uca Allah İsrail oğullarına Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamağı əmr etmişdi. Uca Allah bunu bütün insanlara əmr edib və onları məhz bunun üçün yaradıb. Necə ki bir ayədə Uca Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”- deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25). Başqa bir ayədə isə belə buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”, – deyə elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!” (“ən-Nəhl”, 36).
Bu haqq (tək Allaha ibadət etmək) qulların üzərində olan haqqların ən üstünü və ən ucasıdır, çünki bu, Allahın haqqıdır. Bu haqq tək Allaha ibadət edib, heç nəyi ona şərik qoşmamaqdır. Bundan sonra isə məxluqların haqqı gəlir. Məxluqların içərisində ən çox diqqət yetirilməsi gərəkən və ən önəmli haqq isə valideynlərin haqqıdır. Bunun üçün Uca Allah Quranda öz haqqı ilə valideyn haqqını yanaşı gətirərək buyurur: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir” (“Loğman”, 14). Başqa bir ayədə isə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de. Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə!” (“əl-İsra”, 23–26).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?” O buyurdu: “Namazı vaxtlı-vaxtında qılmaq”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”.  (əl-Buxari, 496, 527; Muslim, 122, 264). Başqa bir səhih hədisdə “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək belə soruşdu: “İnsanlardan mənə onunla yaxşı davranmama daha haqqı olan kimdir?” Peyğəmbər ﷺ: “Anan!”- deyə cavab verdi. Kişi soruşdu: “Sonra kim?” O yenə: “Anan!”- deyə cavab verdi. Kişi yenidən soruşdu: “Sonra kim?” Peyğəmbər ﷺ yenə: “Anan!”- deyə cavab verdi. Sonra kişi yenə: “Sonra kim?”- deyə soruşduqda, – Peyğəmbər ﷺ “Atan! Sonra sənə daha yaxın və daha yaxın olanlar”, – deyə buyurdu”. (Muslim, 2548, 4622, 6665).
Ayədə “yetimlərə” dedikdə özlərinə qazanc gətirəcək ataları olmayan kiçik uşaqlar nəzərdə tutulur. “Kasıblara” dedikdə isə özlərinə və ailələrinə xərcləməyə bir şey tapa bilməyən kəslər nəzərdə tutulur. “ən-Nisa” surəsinin “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir” ayəsinin təfsirində bu iki qisim barədə ətraflı danışacağıq.
Sonra Uca Allah buyurur: “insanlara xoş söz deyəcək”, yəni insanlarla gözəl danışın və onlarla mülayim rəftar edin. Bu əmrə yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək də daxildir. Necə ki Həsən əl-Bəsri bu ayənin təfsirində demişdir: “İnsanlarla gözəl danışmaq, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, mülayim rəftar etmək, səhvləri əfv etmək, günahları bağışlamaq, Uca Allahın dediyi kimi, “insanlara xoş söz deyənlərin” davranışıdır. Bu da öz-özlüyündə Allahın razı olduğu bir gözəl əxlaqdır. İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Yaxşılıqdan heç nəyi kiçik görmə! Əgər yaxşılıq etməyə heç nə tapmasan, o zaman qardaşını gülər üzlə qarşıla!” (Muslim, 2626, 4760, 6857). Hədisi Muslim və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi hədisin səhih olduğunu demişdir.
İnsanlara xoş söz demək əmrinin insanlarla gözəl davranış əmrindən sonra gəlməsi çox münasibdir. Bununla Uca Allah yaxşılığın hər iki növünü – əməldə və sözdə olan yaxşılığı cəm etmişdir. Bunun ardınca Uca Allah Ona ibadət etmək və insanlara yaxşılıq etmək əmrini xüsusi bir ibadətlə – namaz və zəkat ibadətləri ilə gücləndirərək buyurur: “namaz qılacaq və zəkat verəcəksiniz!” Sonra Uca Allah xəbər verir ki, yəhudilər bütün bunlardan üz çevirdilər. Yəni Allahın əmrlərini bildikdən sonra qulaqardına vurub yalnız içlərindən çox az bir qismi istisna olmaqla, qəsdən onlardan üz çevirdilər. Uca Allah yəhudilərə buyurduğu bu əmrlərin bənzərini “ən-Nisa” surəsində bu ümmətə də buyurmuşdur. Uca Allah buyurur: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir” (“ən-Nisa”, 36). Bu ümmət Allahın bu buyruqlarını digər heç bir ümmətin yerinə yetirmədiyi şəkildə yerinə yetirmişdir. Həmd Allahadır və nemətlər Allahdandır.
əl-Bəqərə, 84-86
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ * ثُمَّ أَنْتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ * أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ
84. O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, özünüzü (bir-birinizi) yurdlarınızdan çıxarmayacaqsınız!” – deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.
85. Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.
86. Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir.

 
Uca və Xeyirxah olan Allah bu ayələrdə Peyğəmbərin ﷺ dövründə Mədinədə yaşayan yəhudiləri məzəmmət edir. O yəhudilər ki əl-Əus və əl-Xazrəc qəbilələri arasında baş verən döyüşlərdə xüsusi rol oynayırdılar. Çünki əl-Əus və əl-Xazrəc qəbilələri Mədinənin yerli sakinləri idi və cahiliyyə dövründə bütlərə ibadət edirdilər. Bu iki qəbilə arasında şiddətli döyüşlər baş verirdi. Mədinədə olan yəhudilər üç qəbilədən ibarət idilər. Bunlar əl-Xazrəc qəbiləsinin müttəfiqləri olan Bənu Qaynuqa və Bənu Nadir qəbilələri və əl-Əus qəbiləsinin müttəfiqi olan Bənu Qureyza qəbiləsi idi. Bu qəbilələrin arasında döyüş baş verdiyi zaman hər qəbilə öz müttəfiqləri tərəfdən döyüşürdü. Bəzən döyüş əsnasında yəhudi öz düşmənini öldürərkən digər qəbilədən olan yəhudini də öldürürdü. Bu isə yəhudilərin dinində və kitablarında haram idi. Onlar düşmənlərini evlərindən çıxarır, evlərinin əşyalarını talan edir, mallarını götürürdülər. Döyüş başa çatdıqdan sonra isə məğlub olan dəstənin əsirlərini Tövratın hökmünə əməl edərək sərbəst buraxırdılar. Bunun üçün Uca Allah onlara xitab edərək buyurur: “Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz?” Bu ayədə isə Uca Allah buyurur: “O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, özünüzü (bir-birinizi) yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik”. Ayədə أنْفُسَكُمْ [ənfusəkum] “özünüzü” dedikdə “bir-birinizi” nəzərdə tutulur – yəni bir-birinizi öldürməyəcəyinizə, bir-birinizi evinizdən çıxarmayacağınıza və bir-birinizə qarşı pislik və düşmənçilik etməyəcəyinizə dair sizdən əhd almışdıq. Necə ki başqa bir ayədə buyurur: “Odur ki Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir” (“əl-Bəqərə”, 54). Çünki eyni dinin mənsubları bir şəxs kimidir. Necə ki Peyğəmbər ﷺ demişdir: “Möminlər bir-birlərinə mərhəmət göstərməkdə, bir-birlərini sevməkdə və bir-birlərinə can yandırmaqda bir bədən kimidirlər. Belə ki (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (4/270, Hələb çapı), həmçinin Muslim (2/248) (2586) və əl-Buxari buna oxşar mətnlə (1/367, Fəthul-Bari) (6011) rəvayət etmişlər (Əhməd Şakir). ət-Tabərani “Musnədiş-Şəmiyyin” 512; Muslim, 2586, 4685, 6571).  
Uca Allah buyurur: “Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz”- yəni siz bu sözü bildiyinizi qəbul edib, doğruluğunu təsdiq etdiniz və buna özünüz də şahid oldunuz. “Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz?” Ayədə bildirilir ki, Uca Allah yəhudilərin doğru olduğuna inandıqları Tövratın hökmünə müxalif çıxıb, oradakı şəriət ehkamlarının haqq olduğunu gördükləri və bildikləri halda yerinə yetirmədiklərinə görə qınayır. Bu səbəbdən də onlar nə Tövrata, nə də Tövratdan nəql edilənlərə etibar etmirdilər. Həmçinin Muhəmməd Peyğəmbərin ﷺ xislətləri, sifəti, elçi göndərilməsi, peyğəmbərlik verildiyi yer, hicrət etdiyi yer və s. bu kimi əlamətlər barədə əvvəlki peyğəmbərlərin verdikləri xəbərləri təsdiqləmirdilər. Eyni zamanda bu xəbərləri öz aralarında gizli saxlayırdılar. Bu səbəbdən Uca Allah buyurur: “Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq”- yəni Allahın şəriətinə və əmrinə qarşı çıxdığınıza görə cəzanız dünya həyatında rüsvay olmaqdır. “Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır”, yəni əllərində olan Allahın Kitabını (Tövratı) gizlətdiklərinə görə cəza olaraq Qiyamət günü ən şiddətli əzaba məhkum olmaqdır. “Allah sizin etdiklərinizdən (Əhməd Şakir demişdir: “Günümüzdə insanların oxuduğu Hafs qiraəti ilə gələn Quran kitabında تَعْمَلُونَ [təaməlu:nə] “sizin etdiklərinizdən” kimi gəlmişdir. Lakin əl-Hafiz İbn Kəsirin dediyindən aydın olur ki, o bu sözü يَعْمَلُونَ  [yəaməlu:nə] “onların etdiklərindən” kimi oxumuşdur, yəni “tə” hərfi əvəzinə “yə” hərfi ilə oxumuşdur. Bu qiraət doğru olan on qiraətdən biridir. Bu qiraət Nafi, İbn Kəsir və başqa qarilərin qiraətidir. əl-Əzhəriyyə əlyazmasında “yə” hərfi ilə gəlmişdir. Bax: İbn əl-Cəzərinin “ən-Nəşr” kitabı (2/211) bixəbər deyildir. Onlar axirəti verib dünya həyatını satın aldılar”. Onlar dünya həyatını seçib [onu axirətdən daha çox sevənlərdir]. (Bu hissə əl-Əzhəriyyə əlyazmasından əlavə edilmişdir. (Əhməd Şakir) “Ona görə də onların nə əzabı yüngülləşdiriləcək”- yəni bir an belə əzabları azalmayacaq, “nə də onlara kömək göstəriləcəkdir”- yəni onları bu əbədi və davamlı əzabdan qurtaracaq heç bir köməkçiləri olmayacaq. Heç kim onları bu əzabdan qurtara bilməz.
əl-Bəqərə, 87
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ
87. Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?

 
Uca Allah bu ayədə İsrail oğullarını asi olmaq, inadkarlıq etmək, əmrə müxalif olmaq və peyğəmbərlərə qarşı təkəbbür göstərmək kimi sifətlərlə xarakterizə edir. Onlar yalnız nəfslərinin istəklərinə uyurlar. Uca Allah bu ayədə Musaya (ona salam olsun) kitabı, yəni Tövratı verdiyini, lakin onların bu kitabı təhrif edib dəyişdirdiklərini və Tövratda gələn əmrlərə müxalif olduqlarını bildirir. Həmçinin Musadan (ona salam olsun) sonra onun şəriəti ilə hökm verən peyğəmbərlər və elçilər göndərdiyini xatırladır. Necə ki Uca Allah bir ayədə belə buyurur: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular” (“əl-Maidə”, 44). Bu səbəbdən bu ayədə belə buyurur: “Ondan (Musadan) sonra bir-birinin ardınca elçilər göndərdik”. əs-Suddi rəvayət edir ki, Əbu Malik demişdir: “ardınca elçilər göndərdik”, yəni arxasınca göndərdik. Digərləri demişlər: “Yəni dalbadal göndərdik”. Hər iki məna bir-birinə yaxındır. Necə ki Uca Allah buyurur: “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (“əl-Muminun”, 44). Nəhayət, Uca Allah İsrail oğullarına göndərilən peyğəmbərləri Məryəm oğlu İsa (ona salam olsun) ilə sona çatdırdı. İsa peyğəmbər (ona salam olsun) bəzi ehkamlarda Tövratdan fərqli əsaslar gətirmişdi. Gətirdiyi bu ehkamların doğru olduğunu təsdiq etmək üçün Allah ona möcüzələr vermişdi. Bütün bu möcüzələr onun gətirdiklərinin haqq və doğru olduğunu göstərirdi. Lakin İsrail oğullarının onu yalançı saymaqları getdikcə artırdı. Bəzi ehkamları Tövratdan fərqli gətirdiyi üçün ona qarşı həsəd və inadları artdı. Necə ki Uca Allah İsanın (ona salam olsun) dilindən buyurur: “Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin!” (“Ali-İmran”, 50). İsrail oğulları peyğəmbərlərə qarşı ən pis rəftar edən qövmdür. Onlara gələn elçilərin bir qismini yalançı hesab edir, bir qismini də öldürürdülər. Bunun səbəbi isə yalnız peyğəmbərlərin onların rəylərinə və istəklərinə uyğun olmayan hökmlər gətirmələri və müxalif olmaqda həddi aşdıqları Tövratın hökmlərinə əməl etməyi vacib görmələri idi. Bu isə onlara çətin gəldiyi üçün peyğəmbərləri yalançı sayır, bəzən də bir qismini öldürürdülər. Bu səbəbdən Uca Allah onlara deyir: “Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?” Ayədə “müqəddəs ruhla” dedikdə Cəbrail (ona salam olsun) nəzərdə tutulur. Necə ki İbn Məsud (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir. İbn Abbas (Allah ondan razı olsun) və başqaları da bunu demişlər. Həmçinin Uca Allahın “Onu sadiq Ruh (Cəbrail) endirdi sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan” (“əş-Şuəra”, 193-194) ayəsinin təfsirində də belə demişlər. Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Peyğəmbər ﷺ Həssan ibn Sabit üçün məsciddə minbər qoydurmuşdu. O, (öz şeirləri ilə) Peyğəmbəri ﷺ dəstəkləyirdi. Peyğəmbər ﷺ bir dəfə dedi: “Allahım! Həssən Sənin Peyğəmbərini dəstəklədiyi kimi, Sən də ona yardım et!” (ət-Tabərani “Mucəmul-Kəbir” 3501; ət-Tirmizi, 2846, 3082. Hədis səhihdir. Bax. Silsilə əs-Səhihə, 1657).  Hədisi əl-Buxari muallaq  (Muallaq hədis – hədisi rəvayət edənlə Peyğəmbər ﷺ arasında bir və ya bir neçə ravinin buraxıldığı hədisdir. Bax: “Nuzhətun-Nazar” (səh. 108-109) olaraq rəvayət etmişdir. Əbu Davud və ət-Tirmizi isə hədisin sənədini tam olaraq rəvayət etmişlər. ət-Tirmizi hədisin həsən-səhih olduğunu demişdir. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə isə deyilir: “Bir dəfə Həssən məsciddə şeir deyərkən Ömər ibn əl-Xattab məscidin yanından keçirdi. Ömər bunu ona irad tutdu. Həssən dedi: “Səndən daha xeyirlisi (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun) məsciddə ola-ola mən şeir deyirdim”. Sonra Həssən üzünü Əbu Hureyraya tutub soruşdu: “Səni and verirəm Allaha, (de görüm) Peyğəmbərin ﷺ: “Ey Həssən, Allahın Elçisinin əvəzinə (müşriklərə) cavab ver! Ey Allah, ona müqəddəs ruhla kömək ol!”- dediyini eşitmisənmi?” Əbu Hureyra: “Bəli!”- deyə cavab verdi”. (əl-Buxari, 434, 453). Hədisin bəzi rəvayətlərində isə Peyğəmbər ﷺ Həssənə belə demişdir: “Şeirlərinlə onları pislə, Cəbrail səninlədir”. (əl-Buxari, 2974, 3213).  
[Sonra İbn Kəsir “müqəddəs ruh” barədə digər alimlərin rəylərini qeyd etmişdir, lakin bu rəylərin heç bir dəlili yoxdur. Sonra demişdir:] İbn Cərir demişdir: “Müqəddəs ruhun təfsiri barədə gələn rəylərin ən uyğunu burada ruhun Cəbrail (ona salam olsun) olmasını deyən alimlərin rəyidir. Çünki Uca Allah İsanı (ona salam olsun) ruhla qüvvətləndirdiyini xəbər verir. Necə ki bu barədə bildirmişdir: “Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir” (“əl-Maidə”, 110). Bu ayədə Uca Allah onu ruhla qüvvətləndirdiyini bildirir. Əgər burada Allahın İsanı (ona salam olsun) qüvvətləndirdiyi ruh Onun sözü (İncil) olsaydı, o zaman ardınca “Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim”, – deməsinin bir mənası olmazdı. (Yəni ikinci ifadə mənasız bir təkrar olardı). Allah qullarına faydalı olmayan bir formada xitab etməkdən Ucadır.
Mən deyirəm: “Buradakı ruhun Cəbrayıl (ona salam olsun) olmasına ayənin əvvəli dəlalət edir. Həmd olsun Allaha!”
əl-Bəqərə, 88
وَقَالُوا قُلُوبُنَا غُلْفٌ بَلْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَا يُؤْمِنُونَ
88. Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki onlar olduqca az inanırlar.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qəlblərimiz qapalıdır!” – yəni qəlblərimizə pərdə çəkilib. əs-Suddi isə demişdir: “Yəni üzərində örtük var”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm “Qəlblərimiz qapalıdır!” sözünün təfsirində demişdir: “Onlar: “Qəlbim örtülüdür, sənin dediklərin ora çatmır”, – deyirlər”. Sonra Uca Allahın bu ayəsini oxudu: “Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır” (“Fussilət”, 5). İbn Cəririn seçdiyi görüş də budur. Buna dəlil olaraq Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi göstərmişdir: “Ürəklər dörd növdür”. Onların hər birini qeyd etdikdən sonra demişdir: “Biri də qapalı, sərt qəlbdir. Bu qəlb örtülüdür, haqqı eşitməz”. Bu isə kafirin qəlbidir”. (Hədis zəifdir. Bax: Sislilə əd-Daifə, 5161).  
“Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” ayəsinin təfsirində İbn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Yəni onlar: “Bizim qəlblərimiz dolu qablardır. Muhəmmədin və ya başqa birinin elminə ehtiyacı yoxdur”, – dedilər”. İbn Cərir bildirir ki, bəzi ənsarların bu ayəni  وَقَالُوا قُلُوبُنَا غُلُفٌ[və qa:lu qulu:bunə ğulufun], yəni غُلْفٌ  [ğulfun] (qapalıdır) əvəzinə غُلُفٌ  [ğulufun] (qablardır) “ləm” hərfini “u” saiti ilə oxuması da bu mənadadır. غُلُفٌ  [ğulufun] (qablar) sözü غِلَافٌ  [ğilə:fun] (qab) sözünün cəmidir. Yəni onlar qəlblərinin elmlə dolu olub, başqa elmə ehtiyacları olmadığını iddia etdilər. Necə ki Tövratda olan elmlə lovğalanırdılar. Bu səbəbdən Uca Allah onlara dedi: “Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki onlar olduqca az inanırlar”. Yəni məsələ heç də onların iddia etdikləri kimi deyil. Əksinə, qəlbləri lənətlənmiş və möhürlənilmişdir. Necə ki Uca Allah “ən-Nisa” surəsində buyurur: “Qəlblərimiz qapalıdır!” – demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)” (“ən-Nisa”, 155).
Təfsir alimləri ayədə Uca Allahın “Odur ki onlar olduqca az inanırlar” sözünün təfsiri barədə fikir ayrılığına düşmüşlər. Həmçinin qeyd etdiyimiz “ən- Nisa” surəsindəki ayədə varid olan “Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)” ayəsi barədə də ixtilaf etmişlər. Bəziləri demişlər: “Yəni onlardan iman edən çox azdır”. Bəziləri isə demişlər: “Yəni onların imanları çox azdır”. Yəni onlar Musanın (ona salam olsun) Axirət, savab və cəza barədə dediklərinə inanırlar, lakin bu imanları onlara fayda verməz. Çünki Muhəmməd Peyğəmbərin ﷺ gətirdiyi haqqı inkar etdikləri üçün bu iman puç olmuşdur. Bəzi alimlər isə demişlər: “Yəni onlar heç bir şeyə inanmazlar”. Uca Allahın “onlar olduqca az inanırlar” deməsi, yəni onlar əksəriyyət etibarilə kafirlərdir. Necə ki ərəblər “belə bir şeyi çox az görərsən” deməklə “heç görə bilməzsən” mənasını nəzərdə tuturlar. Bunu İbn Cərir nəql etmişdir. Ən doğrusunu Allah bilir!
əl-Bəqərə, 89
وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ
89. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!

 
Uca Allah buyurur: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər”. “Onlara”, yəni yəhudilərə; “Bir Kitab gəldikdə” – bu Kitab Muhəmməd Peyğəmbərə ﷺ nazil olmuş Qurandır. “Özlərində olanı təsdiqləyən”- yəni Tövratı təsdiq edən; “Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər”, yəni bu Peyğəmbər (Muhəmməd) ﷺ Kitabı gətirməzdən əvvəl o Kitabın gəlməsi ilə müşriklərə qarşı bir kömək gələcəyini gözləyirdilər və müşriklərlə vuruşarkən deyirdilər: “Axır zamanda bir peyğəmbər göndəriləcək və biz bu peyğəmbərlə birlikdə Ad və İrəm qövmünün məhv edildiyi kimi sizi məhv edəcəyik”. (Bu barədə rəvayət olunan hədislərdən birində deyilir: İbn İshaqın belə dediyi rəvayət edilir: “Asim ibn Ömər ibn Qətadə öz qövmündən olan bir dəstə kişinin ona danışdığı hekayəti mənə rəvayət etdi. Onlar deyirdilər: “Biz müşrik və bütpərəst olarkən Kitab Əhli bizdən daha elmli idi. Bizim İslamı qəbul etməyimizə əsas səbəb də Allahın mərhəməti və hidayətindən sonra yəhudilərdən eşitdiyimiz xəbər oldu. Bizimlə yəhudilər arasında tez-tez çaxnaşmalar baş verir və hər dəfə biz qalib gəldikdə onlar belə deyirdilər: “Artıq sonuncu peyğəmbərin gəlişi yaxınlaşıb. O gələndə biz onunla birlikdə sizə qarşı vuruşub Ad və İrəm qövmünün məhv edildiyi kimi, sizi də məhv edəcəyik”. Biz bunu onlardan çox eşidirdik. Allah Öz Elçisini ﷺ göndərdiyi zaman o bizi İslama dəvət etdi və biz də dərhal onun dəvətini qəbul etdik, çünki onlar bizi hədələdikləri zaman xatırladıqları Peyğəmbərin Muhəmməd ﷺ olduğunu yəqin etdik və ona iman gətirdik. Onlar isə ona inanmayıb küfr etdilər. Bizim və onların barəsində bu ayə nazil oldu: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!” (“əl-Bəqərə”, 89)”. (İbn Hişam “Sira” 1/213; 2/37. Hədis həsəndir). Lakin bu Kitab gəldikdən sonra onu inkar etdilər.
İbn İshaq rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ gəlməmişdən əvvəl yəhudilər onun gəlişi ilə əl-Əvs və əl-Xəzrac qəbilələri üzərində qələbə çalacaqlarını diləyirdilər. Allah son Peyğəmbəri ﷺ ərəblərdən seçdikdə onlar onu qəbul etmədilər və əvvəl dediklərini inkar etdilər. Muaz ibn Cəbəl, Bişr ibn əl-Bəra ibn Mərur və Davud ibn Sələmə onlara dedilər: “Ey Yəhudilər! Allahdan qorxun və İslamı qəbul edin! Biz müşrik və bütpərəst olarkən siz bizi hədələyib Muhəmmədin gəlişi ilə bizə qalib gələcəyinizi deyirdiniz. Onun mütləq gələcəyini deyirdiniz və onu indiki əlamətləri ilə vəsf edirdiniz. Bənu Nədir qəbiləsindən olan Səlləm ibn Mişkəm dedi: “Bizim bildiyimiz heç bir şeyi gətirməyib və bizim sizə dediyimiz şəxs o deyil”. Bu səbəbdən Uca Allah bu ayəni nazil etdi: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!” (Əhməd Şakir demişdir: “Hədisi əl-Hafiz ibn Həcər “əl-İsabə” kitabında Davud ibn Sələmənin tərcümeyi-halında  İbn Əbu Hatimin təfsir kitabından İbn İshaq vasitəsilə nəql etmişdir. Sonra demişdir: “İbn Əbu Hatimin təfsirində belə yazıldığını gördüm. Başqa bir nüsxəsində belə gəlmişdir: “Muaz və Bəni Sələmə qəbiləsindən olan Bişr ibn əl-Bəra dedilər: ...”. ət-Tabəri də bu cür rəvayət etmişdir. Ola bilsin, birinci rəvayət səhvdir”. ət-Tabərinin rəvayəti təfsir kitabında 1520 nömrəli hədisdədir. Bu rəvayətdə Davud ibn Sələmə qeyd olunmayıb. Əvəzinə İbn Həcərin dediyi kimi, “Bəni Sələmə qəbiləsindən” ifadəsi var. İbn Hişamın “Sira” kitabında da belə İbn İshaqdan belə gəlmişdir (378-379, Urba çapı). Bununla da aydın oldu ki, Davud ibn Sələmənin qeyd olunması kitabı köçürənlərin səhvidir. İbn Kəsir isə hədisi İbn Əbu Hatimin nüsxəsindən nəql etdiyi üçün səhvə yol verib. İbn Həcər isə bu səhvin fərqinə varmışdır”).  
əl-Bəqərə, 90
بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنْفُسَهُمْ أَنْ يَكْفُرُوا بِمَا أَنْزَلَ اللَّهُ بَغْيًا أَنْ يُنَزِّلَ اللَّهُ مِنْ فَضْلِهِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ فَبَاءُوا بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ
90. Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbin üstünə (daha bir) qəzəb əlavə etdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.

 
əs-Suddi demişdir: “Nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir”, yəni nəfslərinin müqabilində satın aldıqları necə də pisdir. Öz nəfsləri üçün seçib bəyəndikləri, razı qaldıqları və yönəldikləri şey necə də pisdir. Bu pis seçkiyə onları vadar edən zülm, həsəd və “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə” nifrət etməkdir. Bundan böyük həsəd yoxdur”.
İbn Abbas (Allah ondan razı olsun) bu ayə barəsində belə demişdir: “Onlar Allahın onlara bəslədiyi qəzəbin üstünə (daha bir) qəzəb əlavə etdilər”. Qəzəbin üstünə qəzəb əlavə etməyin mənası budur ki, yanlarındakı Tövratı itirdiklərinə görə Allahın onlara qəzəbinin üstünə başqa bir qəzəbi – göndərdiyi Peyğəmbəri (Muhəmmədi) ﷺ inkar etdiklərinə görə Allahın daha bir qəzəbini əlavə etdilər”. (Əhməd Şakir demişdir: “İbn Abbasdan (Allah ondan razı olsun) gələn bu əsər çap olunmuş kitablarda təhrif olunmuşdu. Biz onu əl-Əzhəriyyə əlyazmasından düzəltdik. Bu düzəliş ət-Tabərinin təfsirindəki (1546) mətnə uyğundur”). Mən deyirəm ki, ayədə gələn فَبَاءُوا  [fəbə:u] sözünün mənası “vacib etdilər”, “layiq oldular”, yəni “qəzəb üstünə qəzəb onların üzərində qərarlaşdı” deməkdir.
Uca Allah ayənin sonunda buyurur: “Kafirlərə alçaldıcı bir əzab vardır”, çünki küfrləri zülm və həsəd səbəbindəndir. Bu isə təkəbbürlükdən irəli gəlir. Bu təkəbbürlüyün qarşılığında dünya və Axirətdə rəzil olmağa və alçalmağa layiq oldular. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (“Ğafir”, 60).
İmam Əhməd Amr ibn Şueybdən, onun da atasından (Şueyb ibn Muhəmməddən), onun da Amrın babasından (Abdullah ibn Amr ibn əl-Asdan) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Təkəbbürlü insanlar Qiyamət günü zərrə boyda kiçildilərək məhşərə toplanacaqlar. O qədər kiçik olcaqlar ki, ətraflarındakı hər şey onlardan böyük olacaq. Sonda Cəhənnəmdə Buləs adlı zindana atılacaqlar. Cəhənnəm odu onları bürüyəcək və onlara Cəhənnəm əhlinin yanıb ərimiş cəsədlərinin suyundan içizdiriləcək”. (Əhməd Şakir demişdir: “Hədis “əl-Musnəd” kitabında rəvayət olunur (6677). Hədisin isnadı səhihdir. Hədisin “əl-Musnəd” kitabında təxricini və şərhini vermişik. بُولَاس [bu:lə:s] sözündə “bə” hərfi “u” saiti ilə, “ləm” hərfi isə “ə” saiti ilədir. Necə ki əl-Munziri “ət-Tərğib” kitabında (4/17-19) bildirmişdir”. ən-Nəsəi “Sunənul-Kubra” 11827; ət-Tirmizi, 2492, 2680. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2911).
əl-Bəqərə, 91-92
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * وَلَقَدْ جَاءَكُمْ مُوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
91. Onlara: “Allahın nazil etdiyinə inanın!” – deyildikdə onlar: “Biz özümüzə nazil edilənə inanırıq”, – deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
92. Musa sizə açıq-aydın dəlillər gətirmişdi. O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz.

 
Uca Allah bu ayələrdə buyurur ki, yəhudilərə və onlara bənzər Kitab əhlinə (xaçpərəstlərə) “Allahın nazil etdiyinə inanın!”, – deyildikdə”, yəni “Allahın Muhəmməd Peyğəmbərə ﷺ endirdiklərinə inanın, onu təsdiqləyib, ona tabe olun” deyildikdə; “onlar: “Biz özümüzə nazil edilənə inanırıq”, – deyirlər”, yəni “bizə endirilən Tövrat və İncilə inanmaq bizim üçün kifayətdir. Bundan başqasını qəbul etmərik”, – deyib; “onun ardınca gələni inkar edirlər”, yəni ondan sonra gələni inkar edirlər. “Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir”, yəni onlar Muhəmmədə ﷺ endirilən Kitabın haqq olduğunu bildikləri halda, onu inkar edirlər. Bu ayədə مُصَدِّقًا [musaddiqan] (təsdiqləyən) sözü qrammatik cəhətdən “haldır” (tərzi-hərəkət zərfi), bu səbəbdən mənsubdur (təsirlik haldadır). Yəni Quran onlarda olan Tövratı və İncili təsdiq etdiyi halda, onu inkar edərlər. Bununla onların əleyhinə bir dəlil qalxmış olur. Necə ki Uca Allah buyurur: “Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar” (“əl-Bəqərə”, 146).
Uca Allah buyurur: “De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?” – yəni əgər iddianız doğrudursa və həqiqətən, sizə endirilənə iman gətirmisinizsə, bəs nə üçün əlinizdəki Tövratı təsdiq edən, onun hökmünü qaldırmayan və onunla hökm etməyi əmr edən peyğəmbərləri öldürdünüz? Halbuki bu peyğəmbərlərin doğru söylədiklərini bilirdiniz. Buna baxmayaraq, siz inadkarlıqdan və təkəbbürlükdən peyğəmbərləri haqsız yerə öldürdünüz. Siz yalnız nəfslərinizin istəklərinə, öz rəylərinizə və arzularınıza tabe olursunuz. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?” (“əl-Bəqərə”, 87). Əbu Cəfər İbn Cərir ayənin təfsirində deyir: “Ey Muhəmməd! “Allahdan endirilənə inanın”, – deyildiyində “Biz özümüzə endirilənə inanırıq”, – deyən yəhudilərə belə de: “Ey yəhudilər, əgər Allahdan endirilənə inanırsınızsa, bəs nə üçün Allahın elçilərini öldürürsünüz? Halbuki Allah sizə endirdiyi Kitabda onları öldürməyi sizə qadağan etmişdir. Əksinə, Allah sizə endirdiyi Kitabda peyğəmbərlərə tabe olub, onlara itaət etməyi və onları təsdiq etməyi əmr etmişdir. Allah bu ayə ilə onların “Biz özümüzə nazil edilənə inanırıq”, – demələrində yalançı olduqlarını bildirir və bu əmələ görə onları məzəmmət edir.
“Musa sizə açıq-aydın dəlillər gətirmişdi”, yəni özünün Allahın Elçisi ﷺ olduğuna və Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına dəlalət edən qəti dəlillər və açıq-aşkar möcüzələrlə gəlmişdi. Bu dəlillər və möcüzələr: tufan, çəyirtkə, bit, qurbağa, qan, əsa, parıldayan əl, yarılan dəniz, buludla kölgələnmə, manna və bildirçin, su fışqıran daş və daha bir çox buna bənzər onların şəxsən gördükləri möcüzələrdir. “O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz”, yəni Musa (ona salam olsun) və onun gətirdiyi möcüzələr ola-ola, Allahı qoyub buzovu ilah götürdünüz. “O getdikdən sonra”, yəni Musa (ona salam olsun) Allaha yalvarmaq üçün sizin yanınızdan ayrılıb dağa çıxdığı zaman siz buzovu məbud qəbul etdiniz. Necə ki Uca Allah bu barədə buyurur: “Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq, ona məbud kimi sitayiş edib zalımlardan oldular” (“əl-Əraf”, 148).
“Özünüzə zülm etdiniz”, yəni Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını və yalnız Allahın ibadətə layiq olduğunu bilə-bilə buzova ibadət etdiyinizə və buna bənzər əməllərinizə görə siz zalımlarsınız. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”, – dedilər” (“əl-Əraf”, 149).
əl-Bəqərə, 93
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
93. O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”- deyə əmr etdik Onlar: “Eşitdik və asi olduq!”- dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”

 
Uca Allah bu ayədə İsrail oğullarının səhvlərini, bağladıqları əhd-peymanı pozduqlarını, asiliklərini və sözlərindən dönmələrini sadalayır. Onlar bağlanan bu əhdi yalnız dağı başlarının üzərinə qaldırdıqdan sonra qəbul etdilər. Lakin sonra bu əhdi pozduqlarını bildirir. Bu səbəbdən Uca Allah onların: “Eşitdik və asi olduq!”- dediklərini qeyd edir. Bunun təfsiri əvvəlki ayələrdə keçdi.
“Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi”. Qatədə demişdir: “Yəni küfr etdiklərinə görə buzovun sevgisi ürəklərinə yeridildi və nəticədə tamamilə qəlblərinə sızdı”. Əhməd Əbu Dardadan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Sənin bir şeyi (həddindən artıq) sevməyin, səni kor və kar edər”. (Əbu Davud, 5130. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1868). Hədisi Əbu Davud rəvayət etmişdir. (əl-Musnəd (5/194, 6/450, Hələb çapı). Əbu Davud (5130), (Əhməd Şakir).  
Uca Allah buyurur: “De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”- yəni istər əvvəllər, istərsə də indi Allahın ayələrini inkar etməkdə və peyğəmbərlərinə qarşı çıxmaqda əsaslandığınız necə də pisdir! Həmçinin Muhəmməd Peyğəmbəri ﷺ inkar etməkdə əsaslandığınız necə də pisdir! Bu (Peyğəmbəri - ona Allahın salavatı və salamı olsun - inkar etmək) sizin etdiyiniz günahların ən böyüyü və əleyhinizə olan əməllərin ən ağırıdır. Belə ki bununla siz elçilərin sonuncusu, peyğəmbərlərin ağası, bütün insanlara göndərilən Peyğəmbəri ﷺ inkar etmiş olursunuz. Əhdi pozmaq, Allahın ayələrini inkar etmək, Allahı qoyub buzova ibadət etmək kimi çirkin əməllərdən sonra necə mömin olduğunuzu iddia edirsiniz?
əl-Bəqərə, 94-96
قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ * وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ * وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَنْ يُعَمَّرَ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
94. De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!”
95. Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır.
96. Sən onların bütün insanlardan, hətta müşriklərdən də yaşamağa daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür.

 
Rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayələrin təfsirində demişdir: “Yəni iki dəstədən (müsəlmanlar və yəhudilər) yalançı olana Allahdan ölüm diləyin. Yəhudilər Peyğəmbərin ﷺ bu tələbini yerinə yetirməkdən imtina etdilər. “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır”, yəni sənin peyğəmbər olmağın barədə onlarda elm olduğuna və bunu bilə-bilə inkar etdiklərinə görə heç vaxt (yalançı olana) ölüm diləməzlər. Əgər Peyğəmbər ﷺ onlara bunu deyən gün ölüm istəsəydilər, yer üzündə heç bir yəhudi qalmazdı”. ət-Tabəri bu təfsiri İbn İshaq vasitəsilə rəvayət etmişdir. Həmçinin İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Əgər yəhudilər ölümü diləmiş olsaydılar, hətta ağızlarının suyu ilə boğulub ölərdilər”. Bu rəvayətlərin hamısının İbn Abbasa (Allah ondan razı olsun) kimi gəlib çatması səhihdir. İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Əgər yəhudilər (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - onlardan yalançı dəstəyə ölüm diləməyi tələb etdiyi vaxt) ölüm diləsəydilər, hamısı ölərdi və Cəhənnəmdəki yerlərini görərdilər. Əgər Peyğəmbərlə ﷺ lənətləşmək (Lənətləşmə - bir toplumun bir yerdə yığışıb ixtilaf etdikləri mövzuda “Allahın lənəti zalımların üzərinə olsun” demələridir). üçün çıxanlar dua edib Allahın zalımlara lənət etməsini diləsəydilər, qayıtdıqdan sonra nə ailələrini, nə də mallarını tapa bilməzdilər”. (Əhməd, 2225. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3296). Hədisi İmam Əhməd rəvayət etmişdir. (əl-Musnəd (2225, 2226), ət-Tabəri, (1566) (Əhməd Şakir). İbn Abbasın (Allah ondan razı olsun) ayəni “iki dəstədən (müsəlmanlar və yəhudilər) yalançı olana Allahdan ölüm diləyin” kimi təfsir etməsi doğrudur. Ayənin məzmunu Allaha dua edərək müsəlmanlardan və ya yəhudilərdən yalan danışan dəstəyə ölüm diləməkdir. İbn Cərir bu təfsiri Qatədə, Əbul-Aliyə və Rabi ibn Ənəsdən rəvayət etmişdir. Bu ayənin bənzəri “əl-Cumuə” surəsində gələn Uca Allahın bu ayələridir: “De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda ölüm diləyin!” Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır. De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir” (“əl-Cumuə”, 6–8).
Yəhudilər özlərini Allahın oğulları və Onun sevimliləri olduqlarını iddia etdikləri zaman, həmçinin “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!”- dedikləri zaman, iki dəstədən – müsəlmanlardan, yaxud onlardan – yalançı olana Allahdan ölüm diləməyə çağırıldılar. Bu çağırışdan imtina etdikləri zaman isə onların zalım olduqları hər kəsə bəlli oldu. Çünki əgər onlar söylədiklərində səmimi olsaydılar, buna hamıdan çox can atardılar. Geriyə çəkildikdə isə yalançı olduqları bilindi. Necə ki Peyğəmbər ﷺ Nəcrandan gələn xaçpərəst elçiləri ilə mübahisə etdiyi zaman onlara dəlillər gətirdikdən sonra onlar inadkarlıq edib, inkar etdikləri üçün Peyğəmbər ﷺ onları lənətləşməyə çağırdı. Uca Allah bu xüsusda belə buyurur: “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” (“Ali-İmran”, 61). Onlar bunu gördükdə bir-birlərinə dedilər: “Allaha and olsun ki, əgər bu peyğəmbərlə lənətləşsəz, sizdən heç kəs sağ qalmaz”. Beləcə onlar sülhə razılaşdılar və zəlil günə qalıb öz əlləri ilə cizyə (Müsəlman dövlətinin himayəsi altında yaşayıb əvəzində mal verməyə razı oldular).  verməyi qəbul etdilər. Peyğəmbər ﷺ onlara cizyəni vacib etdi və etibarlı şəxs kimi onlarla Əbu Ubeydə ibn əl-Cərrahı (Allah ondan razı olsun) göndərdi. Bu mənaya uyğun və ya yaxın olan başqa bir ayədə Uca Allah Peyğəmbərinə ﷺ müşriklərə belə deməsini əmr edir: “De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər” (“Məryəm”, 75), yəni Allah sizdən və ya bizdən azğınlıqda olanın azğınlığını daha da artıracaq və ona uzun müddət möhlət verəcək ki, azğınlığında davam etsin. Sonra özünün də bilməyəcəyi bir yerdən tədricən tovlayıb məhvə aparacaq. Bu xüsusda Allahın izni ilə Məryəm surəsində danışacağıq.
Bəzi kəlam əhli (filosoflar) və digərləri “De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!” ayəsini lənətləşmə kimi deyil, “əgər iddianızda haqlısınızsa, onda indi özünüzə ölümü diləyin” şəklində təfsir etmişlər. Həmçinin İbn Cərir də bu təfsirə meyil etmişdir. Lakin ayənin bu cür təfsir edilməsinə yenidən nəzər yetirmək lazımdır, çünki ayə belə təfsir edilsə, bu ayənin onların əleyhinə dəlil olması meydana çıxmaz. O zaman deyilə bilər ki, yəhudilərin öz iddialarında sadiq olmalarına inanmaları ölümü diləməklərini tələb etmir, çünki əməlisaleh olmaqla ölüm diləmək arasında bir əlaqə yoxdur. Nə çox əməlisaleh insan var ki, daha çox xeyir işləmək və Cənnətdəki dərəcəsini qaldırmaq üçün çox yaşamaq istəyir. Necə ki hədisdə rəvayət edilmişdir: “Sizin ən xeyirliniz ömrü uzun olub, əməlisaleh olanınızdır”. (Bax: ət-Tirmizinin şərhi (3/264) (2329), (Əhməd Şakir). Hədis səhihdir. Bax: Silsilə əs-Sahihə, 1836). Həmçinin deyə bilərlər ki: “Ey müsəlmanlar, siz də Cənnətlik olduğunuza inanırsınız, amma buna baxmayaraq, siz də sağlam olduğunuz halda, ölməyi arzulamırsınız. Biz sizi məcbur etmədiyimizə siz bizi necə məcbur edə bilərsiniz? Bütün bu çıxılmaz hallar və suallar bu ayənin bu şəkildə təfsir edilməsindən qaynaqlanır. Lakin İbn Abbasın (Allah ondan razı olsun) təfsirinə görə, bu çətinliklər və suallar ortaya çıxmır, çünki onlara insafla bir söz deyilmişdir: “Əgər siz insanlardan fərqli olaraq, Allahın dostları olduğunuza inanırsınızsa, onun oğulları və sevimliləri olduğunuzu iddia edirsinizsə, sizin Cənnətlik, sizdən başqalarının isə Cəhənnəmlik olduğuna inanırsınızsa, o zaman sizdən və ya qarşınızda olanlardan yalançı olanlara bəd dua edib, Allahdan lənət diləyin və bilin ki, lənətləşmə mütləq yalan danışanı məhv edəcək”. Lakin onlar buna yəqin inanıb, Peyğəmbərin ﷺ doğru söylədiyini bildikləri üçün lənətləşmədən imtina etdilər, çünki yalançı olduqlarını, iftira atdıqlarını və haqqı gizlətdiklərini bilirdilər. Onlar Peyğəmbəri ﷺ və onun əlamətlərini öz oğullarını tanıdıqları kimi tanıyırdılar. Beləcə hər kəs onların batil üzərində olduqlarını, alçaq, azğın və inadkar olduqlarını bildi. Qiyamət gününə qədər onların üzərinə Allahın davamlı lənəti olsun.
Bu səbəbdən Uca Allah buyurur: “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır. Sən onların bütün insanlardan, hətta müşriklərdən də yaşamağa daha həris olduqlarını görəcəksən”, yəni pis aqibətlərini və Allah qatında ziyana uğrayacaqlarını bildikləri üçün daha çox yaşamaq istəyirlər. Çünki dünya mömin üçün zindan, kafir üçün isə Cənnətdir. Buna görə onlar bütün imkanları ilə Axirət yurdunun gecikməsini istəyirlər. Lakin qorxduqları və çəkindikləri şey, şübhəsiz ki, onları haqlayacaq. Onlar özlərinə ilahi Kitab nazil edilməyən müşriklərdən də çox hərisliklə həyata bağlıdırlar. Bu ifadə xüsusi olanın ümumi olana aid edilməsi qəbilindəndir. (Burada ümumi olan onların özlərinə ölüm diləməkdən imtina etmələridir. Xüsusi olan isə dünyaya bütün insanlardan daha çox həris olmalarıdır).  
İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) ayədə “hətta müşriklərdən də” dedikdə (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - dövründə yaşayan) əcəmlər (qeyri-ərəblər) nəzərdə tutulur. əl-Hakim də belə rəvayət etmiş və demişdir: “Hədis səhihdir və əl-Buxari ilə Muslimin şərtlərinə uyğundur, lakin kitablarında rəvayət etməmişlər”. O, həmçinin demişdir: “əl-Buxari və Muslim səhabənin təfsirinin sənədində ittifaq etmişlər”. (Yəni səhabənin ayəni təfsir etməsi Peyğəmbərdən ﷺ rəvayət edilən hədis hökmündədir. Hədis “əl-Mustədrak” kitabındadır (2/263), (Əhməd Şakir). Mucahid “Onlardan hər biri min il ömür sürməsini istər” ayəsinin təfsirində demişdir: “Ömrü boyu günah işlər görmək onlara sevdirilmişdir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: ”Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz”, yəni uzun ömür heç bir halda onu əzabdan qurtara bilməz, çünki müşrik öldükdən sonra dirilməyi ümid etmədiyindən uzun ömür yaşamaq istəyir. Yəhudi isə Axirətdə onu gözləyən rüsvayçılığı bildiyi üçün uzun ömür yaşamaq istəyir.
“Allah onların nə etdiklərini görür”, yəni Uca Allah qullarının etdikləri xeyir və şər əməlləri bilir, görür və hər kəsə etdiyinə görə əvəz verəcək.
əl-Bəqərə, 97-98
قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ * مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ
97. De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”.
98. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.

 
İmam Əbu Cəfər İbn Cərir əl-Tabəri demişdir: “Təfsir alimləri bu ayənin yəhudilərə cavab olaraq nazil olmasında yekdil rəydədirlər. Belə ki yəhudilər Cəbrailin (ona salam olsun) onlara düşmən olduğunu, Mikailin (ona salam olsun) isə onlara dost olduğunu zənn edirdilər. Daha sonra alimlər yəhudilərin bu sözü (Cəbrailin onlara düşmən olmasını) nə səbəbdən demələri barədə ixtilaf etmişlər. Alimlərin bir qismi demişlər: “Belə demələrinin səbəbi Peyğəmbərlə ﷺ onların arasında peyğəmbərlik mövzusunda baş verən bir mübahisə olmuşdur. İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir: “Bir gün bir dəstə yəhudi Allahın Peyğəmbərinin ﷺ yanına gəlib dedi: “Ey Əbul-Qasim! Yalnız peyğəmbərlərə məlum olan xüsusiyyətlər haqqında soruşacaqlarımız barəsində bizə xəbər ver!” O dedi: “İstədiyiniz şey barəsində soruşun, ancaq Yəqub (ona salam olsun) övladlarından vəd aldığı kimi, siz də Allah qarşısında vəd verin – əgər dediklərimin doğru olduğunu görsəniz, mənə tabe olub İslam dinini qəbul edəcəksiniz!” Onlar dedilər: “Qoy sən deyən olsun”. O dedi: “İstədiyinizi soruşun!” Onlar dedilər: “Dörd xüsusiyyət barəsində bizə xəbər ver: Tövrat nazil olmamışdan əvvəl İsrail (ona salam olsun) özünə hansı yeməyi haram etmişdi? Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq oğlan və ya qız olur? Yazıb-oxumağı bacarmayan Peyğəmbər necə yatır (İbn Kəsirin həm əlyazmasında, həm də çap olunmuş nüsxəsində “Tövratda” əlavəsi var. Bu əlavə heç bir məna kəsb etmir. Cümlənin məzmunu ilə uyğunlaşmır. Bu səhvi ət-Tabərinin təfsirindən (1605), “əl-Musnəd” əsərindən (2514) və Tabəqat İbn Sad kitabından (1/1/115-116) düzəltdik. (Əhməd Şakir) və hansı mələk onun sevimli dostudur?” Peyğəmbər ﷺ dedi: “Dediklərinizə doğru cavab versəm, Allah qarşısında verdiyiniz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır”. Onlar bir daha çoxlu vədlər verdilər. O dedi: “Sizi Tövratı Musaya (ona salam olsun) nazil edən Allaha and verirəm! İsrailin, yəni Yəqubun (ona salam olsun) çox şiddətli xəstəliyə tutulduğunu bilirsinizmi? Xəstəliyi uzun müddət davam etdiyinə görə o, Allaha nəzir etmişdi ki, əgər Allah ona şəfa versə, ən sevimli yeməyini və ən sevimli içkisini özünə haram edəcək. Onun ən sevimli yeməyi dəvə əti, ən sevimli içkisi də onun südü idi”. Onlar dedilər: “Allaha and olsun ki, belə olub”. O dedi: “Allahım! Sən onların dediklərinə şahid ol! Sizi Tövratı Musaya nazil edən, heç bir şəriki olmayan Allaha and verirəm! Kişinin belindən gələn suyun ağ rəngli qatı maye, qadının köksündən gələn suyun isə sarı rəngli duru maye olduğunu bilirsinizmi? Bunlardan hansı üstünlük təşkil etsə, uşaq da Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar. Kişinin belindən gələn su üstünlük təşkil etsə, Allahın izni ilə oğlan uşağı, qadının köksündən gələn su üstünlük təşkil etsə, Allahın izni ilə qız uşağı doğular”. Onlar dedilər: “Allaha and olsun ki, belədir”. O dedi: “Allahım! Sən onların dediklərinə şahid ol! Sizi Tövratı Musaya nazil edən Allaha and verirəm! Bilirsinizmi ki, yazıb-oxumağı bacarmayan peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır”. Onlar dedilər: “Allaha and olsun ki, belədir”. O dedi: “Allahım! Onların dediklərinə şahid ol!” Onlar dedilər: “İndi isə mələklərdən hansının sənin sevimli dostun olduğu barədə bizə xəbər ver. Bununla da biz ya sənə tabe olaq, ya da səni tərk edək”. O dedi: “Həqiqətən, mənim sevimli dostum Cəbraildir (ona salam olsun). Allah elə bir peyğəmbər göndərməyib ki, Cəbrail onun dostu olmasın”. Onlar dedilər: “Bu yerdə səni tərk etməli olacağıq. Əgər sənin dostun o yox, başqa bir mələk olsaydı, dediyini təsdiq edərdik və sənə tabe olardıq”. O dedi: “Sizə dediyimi təsdiq etməyə mane olan nədir?” Onlar dedilər: “O bizim düşmənimizdir”. Bu zaman Uca Allah bu ayəni nazil etdi: “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər. Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”- deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər! Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!” (“əl-Bəqərə”, 97–103)”. (İmam Əhməd, 2514, 1/278; ət-Tayəlisi, 2854; ət-Tabərai “Mucəmul-Kəbir” 12836; İbn Cərir ət-Tabəri, 1/431; İbn Səd “Təbəqat” 1/116. Şueyb əl-Arnavut hədisin həsən olduğunu bildirmişdir). Bununla onlar özlərinə qarşı Uca Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar”. Hədisi İmam Əhməd “əl-Musnəd” əsərində (Əhməd bu hədisi “əl-Musnəd” kitabında həm tam olaraq, həm də müxtəsər olaraq səhih isnadlarla rəvayət etmişdir (2514, 2515, 2471, 2483). İbn Kəsir burada əl-Musnəddə gələn rəvayəti gətirmişdir (2483). Həmçinin hədisi ət-Tirmiziyə və ən-Nəsəiyə nisbət etmişdir. Hədisin bəzi rəvayətlərini “Ali-İmran” surəsinin 93-cü ayəsinin təfsirində yenidən rəvayət etmişdir. (Əhməd Şakir) və Abd ibn Humeyd “Təfsir” kitabında rəvayət etmişlər.
əl-Buxari Uca Allahın “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir” ayəsinin təfsirində İkrimənin belə dediyini rəvayət etmişdir: “Cəbrail, Mikail və İsrafil sözlərinin əvvəllərindəki Cəbr, Mik və Səraf sözləri “qul” mənasını verir, sonundakı “İl” isə “Allah” deməkdir (yəni “Allahın qulu” mənasındadır). (Bu sözlərin düzgün yazılışı əl-Əzhəriyyə əlyazmasından və əl-Buxarinin hədisindən (8/125, 6/19, Fəthul-Bari) əs-Sultaniyyə nüsxəsindən götürülüb. (Əhməd Şakir). əl-Buxarinin İkrimədən nəql etdiyi bu rəvayət məşhurdur. “İl” sözü “Allah” deməkdir. Bəzi sələflər isə əksini demişlər, yəni “il” sözü “qul” deməkdir, digər sözlər isə (Cəbr, Mik və Səraf sözləri) Allahın adlarıdır. Çünki “il” sözü bütün adlarda dəyişmir. Bu sözlər forma baxımından: Abdullah, Abdur-Rahmən, Abdul-Məlik, Abdul-Quddus, Abdus-Sələm, Abdul-Kəfi, Abdul-Cəlil və s. adlara bənzəyir. Bu adların hər birində “abd” (qul) sözü dəyişmədən qalmışdır. Dəyişən adın ikinci tərəfi, Allahın adlarıdır. Cibril, Mikail, İsrafil və Əzrail adlarında da belədir. Ərəb dilindən başqa dillərdə sahib-mənsub söz birləşməsində sahib tərəf mənsub tərəfdən əvvəl gəlir. Ən doğrusunu Allah bilir.
Daha sonra İbn Cərir deyir: “Başqaları demişlər: “Onların belə (Cəbrailin onlara düşmən olmasını) demələrinə səbəb Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) ilə onlar arasında Peyğəmbər ﷺ barədə baş verən mübahisə olmuşdur. [Sonra İbn Kəsir bu barədə əş-Şabidən, o da Ömərdən (Allah ondan razı olsun) uzun bir hekayət rəvayət etmişdir. Bu hekayəti ət-Tabərinin təfsirindən və İbn Əbu Hatimdən iki yolla nəql etdiyini qeyd etmişdir. Lakin o bu rəvayətlərin hər ikisinin isnadında əş-Şabi ilə Ömər (Allah ondan razı olsun) arasında əlaqənin kəsildiyini bildirmişdir. Həqiqətdə də belədir].
Uca Allahın “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir” ayəsinin təfsirinə gəlincə isə məna belədir, yəni kim Cəbrailə (ona salam olsun) düşmən olsa, yaxşı bilsin ki, o, Allah tərəfindən və onun izni ilə hikmətli Quranı sənin qəlbinə endirən sadiq Ruhdur. O, Allahın elçi mələklərindən biridir. Kim bir elçiyə düşmən olsa, bütün elçilərə düşmən olmuş sayılar. Necə ki kim bir peyğəmbəri inkar etsə, bununla bütün peyğəmbərləri inkar etmiş olur. Uca Allah belə buyurur: “Allahı və Onun elçilərini inkar edənlər Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!” – deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” (“ən-Nisa”, 150-151). Bu ayədə Uca Allah onların qəti olaraq kafir olmalarını bildirdi, çünki onlar peyğəmbərlərdən bir qisminə iman gətirir, bir qismini isə inkar edirlər. Həmçinin Cəbrailə (ona salam olsun) düşmən olan da eyni zamanda Allaha düşmən olmuş sayılır. Çünki Cəbrail (ona salam olsun) Allahın əmrlərini özbaşına deyil, Rəbbinin əmri ilə endirir. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir” (“Məryəm”, 64). Bir başqa ayədə isə buyurur: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq Ruh (Cəbrail) endirdi – sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan” (“əş-Şuəra”, 192-194). əl-Buxari “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərin ﷺ belə dediyini yazır: “Kim Mənim dostumla düşmənçilik edərsə, mənimlə təkbətək döyüşə çıxmış kimidir”. (Əhməd Şakir demişdir: “İbn Kəsir hədisi bu formada gətirmişdir. Lakin görünən budur ki, o hədisi hifzindən yazdığı üçün iki yerdə səhvə yol vermişdir. Əvvəla: hədis mətnindən göründüyü kimi Qüdsi hədisdir. Bu hədis Səhih əl-Buxaridədir (11/292-293, Fəthul-Bari). Hədisin mətni isə belədir: “Allah buyurur: “Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm”. Həmçinin müəllif hədisdə səhvən آذَنْتُهُ [ə:zəntuhu] (elan edərəm) sözünün əvəzinə بَارَزَنِي [bə:razəni] (mənimlə təkbətək döyüşə çıxmışdır) sözünü işlətmişdir. Lakin hədisin mənası Aişədən və Muazdan gələn hədislərdə sabitdir. Aişənin hədisini Əhməd “əl-Musnəd” əsərində (6/256), Muazın hədisini isə İbn Məca (3989) rəvayət etmişlər. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” kitabında buna işarə etmişdir. Hədisdə gələn الْوَلِيُّ [əl-Vali] (dost) sözünü insanların الأولِيَاءُ [əl-əuliyə:] (övliyalar) adlandırdıqları müəyyən qrup şəxslərə aid etmək səhvdir. Bu cür düşüncə sufilikdən gələn bir düşüncədir. Sonra bu söz dillərdə dolaşaraq əsli olmayan bir məna üçün işlənməyə başlamışdır. Əslində isə “Allahın dostu” dedikdə Allahdan qorxan, Allahın əmrlərini yerinə yetirib, bacardığı qədər qadağalarından çəkinən hər bir mömin nəzərdə tutulur. Bu söz barədə Allahın izni ilə daha ətraflı “Yunus” surəsinin 62-63-cü ayələrində Uca Allahın “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar” ayəsinin təfsirində ətraflı danışacağıq). Bunun üçün Cəbrailə (ona salam olsun) düşmən olanlara Allah qəzəblənərək buyurur: “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən”,  yəni əvvəlki Kitabları təsdiqləyən, “möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”, yəni qəlblərini doğru yola yönəldən və Cənnətlə müjdələyən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir. Bu müjdə və Cənnət yalnız möminlər üçündür. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona (bu ayələrə) qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar” (“Fussilət”, 44). Başqa bir ayədə isə buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (“əl-İsra”, 82).
Sonra Uca Allah belə buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”. Bu ayədə Uca Allah deyir: “Kim Mənə, mələklərimə və elçilərimə düşmənçilik edərsə, şübhəsiz ki, Allah da kafirlərə düşməndir”. Burada elçilər dedikdə həm mələklərdən, həm də insanlardan olan elçilər nəzərdə tutulur. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Allah mələklərdən də elçilər seçir, insanlardan da” (“əl-Həcc”, 75). “Cəbrailə və Mikailə düşməndirsə” ifadəsi xüsusi olanın ümumi olana aid edilməsi qəbilindəndir. Çünki, əslində, hər ikisi mələklər və elçilər sözünə daxildir. Buna baxmayaraq, ayrıca qeyd edilmişdir, çünki ayənin məzmunu Allahla peyğəmbərləri arasında elçi olan Cəbraili dəstəkləməkdir. Cəbraillə birlikdə Mikailin də zikr edilməsinin səbəbi budur ki, yəhudilər Cəbraili özlərinə düşmən, Mikaili isə dost hesab edirdilər. Uca Allah da onlara bildirdi ki, mələklərdən hər hansı birinə düşmən olan digərinə düşmən olmuş sayılır. Eyni zamanda Allaha da düşmən olmuş sayılır. Həmçinin bəzən Mikail (ona salam olsun) də peyğəmbərlərə nazil olur. Necə ki peyğəmbərliyin əvvəlində o, Peyğəmbərlə ﷺ bir müddət yoldaşlıq etmişdir. Lakin Cəbrailin (ona salam olsun) Peyğəmbərlə ﷺ yoldaşlığı daha çox olmuşdur, çünki vəhy endirmək Cəbrailin vəzifəsidir. Mikail isə yağış yağdırmağa və bitki bitirməyə cavabdeh olan bir mələkdir. Biri bəndələrə hidayət, digəri isə ruzi çatdırmaq vəzifəsi ilə mükəlləfdir. Necə ki İsrafil (ona salam olsun) Qiyamət günündə yenidən diriliş üçün Sura üfürmə vəzifəsi ilə mükəlləf edilmişdir. Bu səbəbdən səhih hədisdə rəvayət olunur ki, Peyğəmbər ﷺ gecə namazına qalxdıqda belə dua edərdi: “Allahım, ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! İxtilafda olduqları şeylər barəsində bəndələrin arasında Sən hökm verirsən. Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən”. (Hədisi Muslim (1/215), ət-Tirmizi (4/237) və İbn Məcə (1357) Aişədən rəvayət etmişlər).  
Cəbrail və Mikail sözlərinin oxunuşunda müxtəlif ləhcələr və qiraətlər var. Bu barədə lüğət və qiraət kitablarında qeyd olunub. Kitabımız çox geniş olmasın deyə yalnız mənaya təsir edəcək və ya hökmə birbaşa aid olan ixtilaflardan başqa bu kimi şeyləri gətirmədik. Etimad olunan yalnız Allahdır və yalnız Ondan yardım diləyirik.
Uca Allah buyurur: “Şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”. Ayənin bu hissəsində Uca Allah şəxs əvəzliyinin yerinə aşkar isim (Allah) işlətmişdir. Belə ki Uca Allah “Şübhəsiz, O da o kafirlərə düşməndir”, – demədi. Əksinə, “Şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”, – dedi. Uca Allah burada aşkar isim işlətdi ki, mənanı açıq çatdırsın və bildirsin ki, kim Allahın dostlarına düşmənçilik edərsə, Allaha düşmənçilik etmiş olur. Allaha düşmən olana isə Allah da düşməndir. Allah kimin düşmənidirsə, o kəs dünyasını da, Axirətini də itirər.
əl-Bəqərə, 99-103
وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ * أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ * وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ * وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ لَوْ كَانُوا يَعْلَمُونَ * وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ لَوْ كَانُوا يَعْلَمُونَ
99. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər.
100. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır.
101. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə, Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.
102. Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!
103. Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!

 
İmam Əbu Cəfər İbn Cərir ət-Tabəri Uca Allahın “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər” ayəsinin təfsirində belə deyir: “Yəni ey Muhəmməd, Biz sənə peyğəmbərliyinə dəlalət edən açıq-aşkar əlamətlər endirdik. Bu dəlillər İsrail oğullarının öz keçmişləri barədə gizli saxladıqları məlumatları və sirr olaraq gizlətdikləri xəbərləri üzə çıxaran Allahın Kitabındakı (Qurandakı) ayələrdir. Halbuki bu xəbərlər yalnız onların kitablarında (Tövratda) var idi və bu barədə ancaq keşişləri və alimləri bilirdi. Uca Allah Öz Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyi Kitabında (Quranda) İsrail oğullarının əvvəlki və sonrakı nəsillərinin təhrif etdikləri və dəyişdirdikləri Tövrat ehkamlarını bildirmişdir. Bunda həsəd və üsyanla nəfsini həlaka sürükləməyən insaf sahibləri üçün açıq-aşkar dəlillər var. Belə ki sağlam fitrət sahibi olan hər bir kəs Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) gətirdiyi açıq-aşkar ayələri gördüyü zaman onu təsdiq edər və təsdiq etmək üçün hər hansı bir bəşəri məlumata ehtiyac duymaz. Necə ki İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik” ayəsinin təfsirində demişdir: “Uca Allah deyir: “Sən onlara bu ayələri səhər-axşam oxuyur, mənasını açıqlayırsan, sənin yazıb-oxuya bilmədiyini onlar çox yaxşı bilirlər və sən onlarda olan həqiqətləri olduğu kimi özlərinə xəbər verirsən. Bunda onlar üçün bir ibrət və əleyhlərinə olan bir dəlil var. Kaş bunu biləydilər!”
Qatədə demişdir: “Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu?”, yəni onlardan bir dəstə verdikləri vədə əməl etməkdən boyun qaçırmadılarmı?” İbn Cərir demişdir: “Ayədə gələnنَبَذَ  [nəbəzə] feilinin əsl mənası “atmaq, tullamaq” deməkdir. Bu səbəbdən itən əşyayaمَنْبُوذٌ  [mənbu:z] (atılmış əşya) deyilir. Həmçininنَبِيذٌ  [nəbi:z] sözü suya atılmış olan xurma və ya üzümə deyilir.
Mən deyirəm: “Uca Allah bu qövmü daha əvvəl aldığı əhdləri pozduqlarına görə məzəmmət etmişdir. Halbuki onlara bu əhdlərə sadiq qalmağı və layiqincə əməl etməyi buyurmuşdur. Bu səbəbdən Uca Allah onları həm onlara, həm də bütün insanlara peyğəmbər olaraq göndərilən Elçisini ﷺ yalançı saymaları ilə cəzalandırdı. Halbuki bu peyğəmbərin xüsusiyyətləri, əlamətləri və barəsində gələn xəbərlər öz kitablarında var idi və onlara bu peyğəmbərə tabe olmaq, onu dəstəkləmək və ona yardım etmək əmr olunmuşdu. Necə ki Uca Allah buyurur: “O kəslər ki yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır” (“əl-Əraf”, 157). Bu ayədə isə Uca Allah buyurur: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər”, yəni onlardan bir dəstə əllərində olan Allahın Kitabını (Tövratı) Muhammədin gəlişi ilə müjdələdiyini gördükləri üçün arxalarına atdılar. Yəni sanki bunu bilmirmiş kimi onu tərk etdilər və sehri (cadunu) öyrənib onun ardınca getməyə başladılar. Bunun üçün də Peyğəmbərə ﷺ tələ qurmaq istədilər və daraqla darananda saç-saqqaldan tökülən tük və erkək xurmanın tozcuğu ilə sehr edərək onu Zu-Ərvan (Mədinədə bir yerin adıdır) quyusundakı qayanın altına qoydular. Sehr edən yəhudinin adı Ləbib ibn əl-Əsam idi (Allahın lənəti onun üzərinə olsun). Lakin Allah bunu Peyğəmbərinə ﷺ bildirdi və ona şəfa verərək onların etdiyi sehrdən qurtardı. Necə ki bu barədə əl-Buxari və Muslimin eyniadlı “Səhih” kitablarında möminlərin anası Aişədən (Allah ondan razı olsun) gələn hədisdə bildirilir. Allahın izni ilə bu barədə daha ətraflı gələcəkdə danışacağıq. (“əl-Fələq” surəsinin təfsirində, Allahın izni ilə (Əhməd Şakir).  
İbn Əbu Asim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Asif Süleymanın (ona salam olsun) katibi idi. O, Allahın ən əzəmətli adını bilirdi. O, Süleymanın (ona salam olsun) əmr etdiyi hər bir şeyi yazır və onun taxtının altında gizlədirdi. Süleyman öləndə şeytanlar onları çıxardıb hər bir sətrin arasında sehr, yalan və küfr şeylər yazdılar və dedilər: “Budur Süleymanın əməl etdiyi şeylər”. Buna görə də cahil və səfeh insanlar onu kafirlikdə ittiham etdilər və söydülər, alimlər isə susdular. Uca Allah “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar kafir oldular...” (“əl-Bəqərə”, 101) ayəsini nazil edənə qədər cahillər onu söyməkdə davam edirdilər (İbn Kəsirin nəql etdiyi sənədi pozmuşuq və bu sənəd səhihdir. Hədis İbn Abbasın (Allah ondan razı olsun) sözüdür. Biz də hədisin hökmü barədə susuruq. İbn Kəsir bu ayənin təfsirində bu mənada gələn uzun hekayətlər nəql etmişdir. Uca Allah ona da, bizə də rəhm etsin və bağışlasın. (Əhməd Şakir). (ən-Nəsai “Sunənul-Kubra” 10927, 10994. Hədis həsəndir).  
İbn Cərir rəvayət edir ki, İmran ibn əl-Haris demişdir: “Bir dəfə biz İbn Abbasın (Allah ondan razı olsun) yanında olarkən bir kişi onun yanına gəldi. İbn Abbas (Allah ondan razı olsun) ona dedi: “Sən haradan gəlmisən?” O: “İraqdan”, – deyə cavab verdi. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Harasından?” O dedi: “Kufədən”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Oradan nə xəbər var?” O dedi: “Mən Kufəni tərk edəndə onlar Əlinin (öldükdən sonra) zühur edib qayıdacağı haqda danışırdılar”. İbn Abbas (Allah ondan razı olsun) kişinin söylədiklərindən dəhşətə gəldi və dedi: “Sən nə danışırsan? Ola bilməz! Əgər biz bunu bilsəydik, onun qadınları ilə evlənməzdik və mirasını da bölməzdik”. Sonra dedi: “Mən bu haqda sənə danışaram. Həqiqətən, şeytanlar səmada (mələklərə) oğrun-oğrun qulaq asırdılar, sonra onlardan biri eşitdiyi haqq sözü insanlar arasında danışırdı. İnsanlar arasında doğru danışan kimi tanındıqdan sonra uydurduqları yetmiş yalanı da bu doğru xəbərlə yanaşı danışırdılar”. İbn Abbas (Allah ondan razı olsun) sonra dedi: “Şeytanların danışdıqları bu yalanlar insanların arasına sızırdı və yayılırdı. Allah bunu Süleymana bildirdi. Süleyman da (şeytanların yalanları yazılmış kitabı) taxtının altında gizlətdi. Süleyman vəfat etdikdən sonra şeytan insanların yolunu kəsib dedi: “Sizə qadağan olunmuş, tayı-bərabəri olmayan bir xəzinəni göstərimmi? O, taxtın altındadır”. İnsanlar onu çıxartdılar və onun sehr olduğunu görüb dedilər: “Bu ki sehrdir”. Ümmətlər onu köçürüb nəsilbənəsil ötürməyə başladılar. İraq xalqının danışdığı da bu sehrdən qalan sözlərdir. Uca Allah da bu ayəni endirdi: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar kafir oldular...” (“əl-Bəqərə”, 101)”. (əl-Hakim, 3050; Səid ibn Mənsur “Təfsir” 2/595. əz-Zəhəbi hədisin səhih olduğunu bildirmişdir). əl-Hakim rəvayət etmişdir. (Hədis ət-Tabəridə (1662) və əl-Hakimin “əl-Mustədrək” kitabındadır (2/265). əl-Hakim hədisin hökmü barədə bir fikir söyləməmişdir. əl-Hakim həqiqətən münasibət bildirməmiş, yoxsa kitabı nəsx edənlər yazmağı unutmuşlar, bunu deyə bilmərəm. əz-Zəhəbi kitabı ixtisar edərkən hədisin səhih olduğunu demişdir. əz-Zəhəbinin hədisi səhihləşdirməsi məndə olan əlyazmanın müxtəsərində də var (səh. 272). Hədisin isnadı onun dediyi kimi səhihdir, lakin hədis İbn Abbasın (Allah ondan razı olsun) sözü olaraq gəlmişdir. Biz də bunda əsaslanırıq. (Əhməd Şakir). 
[Daha sonra İbn Kəsir bu mənada tabiinlərdən və başqalarından bir çox xəbərlər rəvayət edib ardınca demişdir:] Yuxarıda rəvayət etdiklərimiz bu mövzuda sələf alimlərdən nəql edilən sözlərin bir hissəsidir. Nəql edilən xəbərlərin müxtəlif hissələrini cəm etməklə hekayətin məğzi ortaya çıxır. Anlayışlı və başa düşən kəslər bu nəqllər arasında heç bir ziddiyyət olmadığını görərlər. Doğrunu göstərən isə, şübhəsiz, Uca Allahdır.
Uca Allah buyurur: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər”, yəni Kitab verilmiş yəhudilər, əllərində olan Kitabdan üz çevirib Muhəmmədin ﷺ peyğəmbərliyinə qarşı çıxdıqdan sonra “şeytanların oxuduqlarının”, yəni şeytanların Süleymanın səltənətində uydurduqlarının ardınca getdilər. Ayədə Uca Allah تَتْلُو [tətlu] “oxumaq” feilini عَلَى [alə] “əleyhinə” mənasını verən önqoşma ilə işlətmişdir. Çünki burada “oxumaq” dedikdə “uydurmaq” nəzərdə tutulur. İbn Cərir isə demişdir: “Burada عَلَى [alə] önqoşması فِي [fi] “içində” mənasını verir. Yəni Süleymanın səltənətində”. Mən deyirəm ki, burada “uydurmaq” mənasının nəzərdə tutulması daha uyğundur. Ən doğrusunu Allah bilir.
Həsən əl-Bəsrinin “Sehr Davud oğlu Süleymanın zamanından çox əvvəl var idi” sözü doğrudur, çünki sehrbazlar Musanın (ona salam olsun) zamanında da var idilər. Süleyman peyğəmbər isə Musadan çox sonra olub. Necə ki bu xüsusda Uca Allah belə buyurur: “Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi?” (“əl-Bəqərə”, 246). Sonra Uca Allah İsrail oğullarının başına gələn hadisəni danışır. Bu hekayətin sonunda Uca Allah buyurur: “Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır” (“əl-Bəqərə”, 251). Həmçinin İbrahim peyğəmbərdən ﷺ əvvəl yaşamış Saleh peyğəmbərin ﷺ qövmü ona demişlər: “Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən” (“əş-Şuəra”, 153).
Uca Allah buyurur: “Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!” – deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər”. Bu mövzuda alimlər arasında fikir ayrılığı var idi. Bəzi alimlər bu ayədə işlənən مَا [mə] sözünün inkar ədatı olduğunu demişlər. (Bu təqdirlə ayənin mənası belə olacaq: “Lakin şeytanlar sehri insanlara öyrədərək kafir oldular. Halbuki Allah Babildə Harut və Marut adlı iki mələyə sehri nazil etməmişdir“). İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) bu ayə barəsində dediklərini rəvayət etmişdir: “Allah sehri nazil etməmişdir”. ər-Rabi ibn Ənəs demişdir: “Allah o iki mələyə sehr nazil etməmişdir”. İbn Cərir demişdir: “Bu təqdirdə ayənin mənası belə olmalıdır: “Onlar şeytanların Süleymanın səltənətində oxuduqları sehrə tabe oldular. Süleyman (sehri öyrənməklə) əsla kafir olmadı və Allah da iki mələyə sehr nazil etmədi. Lakin şeytanlar insanlara sehri öyrətməklə kafir oldular”. Bu zaman “Babildə Harut və Maruta” ifadəsi cümlənin sonunda gəlməsinə baxmayaraq, mənaca əvvələ aiddir. Əgər biri bizə: “Bu ifadə əvvələ aid olsa, ayənin mənası necə olacaq?” – desə ona belə cavab verilər: “Bu ifadə əvvələ aid olsa, məna belə olacaq: “Onlar şeytanların Süleymanın səltənətində əleyhinə uydurduqları sehrin ardınca getdilər. Halbuki Süleyman kafir olmadı və Allah iki mələyə sehri endirmədi. Yalnız şeytanlar insanlara və Babildə Harut ilə Maruta sehri öyrətməklə kafir oldular”. Burada iki mələk dedikdə Cəbrail və Mikail nəzərdə tutulur. Çünki, qeyd edildiyi kimi, yəhudi sehrbazlar iddia edirdilər ki, Allah sehri Cəbrail və Mikailin dili ilə Davud oğlu Süleymana nazil etmişdir. Uca Allah da bu ayə ilə onların yalanlarını ifşa etdi və Elçisi Muhəmmədə ﷺ bildirdi ki, sehri Cəbrail və Mikail endirməmişdir. Süleyman Peyğəmbərin ayağına yazdıqları sehrbazlıqdan təmizə çıxartdı və bildirdi ki, sehr şeytan işidir, o Babildə biri Harut, digəri isə Marut olan iki adam tərəfindən insanlara öyrədilmişdir. Bu təqdirdə Harut və Marut sözləri “insanlar” sözünü şərh etmiş olur (açıqlayır). Eyni zamanda yəhudilərin iddialarına cavab verir”. Bu, İbn Cəririn sözbəsöz dediyidir.
Sonra İbn Cərir مَا [mə] sözünün inkar ədatı olduğunu deyənlərin sözünü rədd edərək مَا [mə] sözünün “hansı ki” mənasını verən nisbi əvəzlik olduğunu bildirmişdir və bu barədə geniş danışmışdır. İbn Cəririn rəyinə görə, Harut ilə Marut iki mələkdir. Allah onları yer üzünə endirmiş və elçilərinin dili ilə sehrin qadağan olduğunu bildirdikdən sonra sınamaq üçün qullarına sehr öyrətməyi icazə vermişdir. İbn Cəririn iddiasına görə, Harut və Marut Allahın əmrini yerinə yetirdikləri üçün sehr öyrətməkdə Allaha itaətdə olmuşlar. İbn Cəririn ayəni bu cür təfsir etməsi çox qəribədir. Bundan daha qəribəsi isə Harut və Marutun cinlərdən iki qəbilə olduğunu iddia edənlərin sözüdür.
İbn Əbu Hatim, əd-Dahhək ibn Muzəhimdən nəql etmişdir ki, o bu ayəni وَمَا أُنْزِلَ عَلَى الْمَلِكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ [Va mə: unzilə aləl-məlikeyni bibə:bilə hə:ru:tə vamə:ru:t] (Babildəki iki hökmdara) kimi oxumuşdur. Sonra bu iki hökmdarın Babildə iki cəsur kişi olduğunu söyləmişdir. Bu görüşün sahibləri ayədəki أَنْزَلَ [ənzələ] “endirmək” feilinin “vəhy etmək” mənasında deyil, “yaratmaq” mənasında olduğunu demişlər. Necə ki başqa ayələrdə أَنْزَلَ [ənzələ] “endirmək” feili “yaratmaq” mənasında işlənmişdir. Uca Allah buyurur: “O sizdən ötrü səkkiz cüt heyvan endirdi (yaratdı)” (“əz-Zumər”, 6). “Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik (yaratdıq) ki, Allah Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın” (“əl-Hədid”, 25). “Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən (yaradan) məhz Odur” (“Ğafir”, 13). Yenə eyni mənada gələn hədisdə Peyğəmbər ﷺ demişdir: “Allah endirdiyi (yaratdığı) hər bir xəstəliyin dərmanını da endirmişdir (yaratmışdır)”. (Əbu Davud, 3855; İbn Məcə, 3438. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2930). Həmçinin “Allah xeyri və şəri nazil etmişdir” dedikdə “yaratmaq” nəzərdə tutulur.
Digər alimlər isə “Onlar insanlara sehri öyrədirdilər” cümləsində fasilə verməyin vacib olduğunu demişlər. Necə ki İbn Cərir rəvayət edir ki, bir kişi əl-Qasim ibn Muhəmməddən “Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular” ayəsi barədə soruşaraq: “Bu ayəyə – “İnsanlara sehri öyrədirdilər, halbuki onlara sehr nazil edilməmişdi” və ya “Onlar insanlara özlərinə endirilməmiş sehri öyrədirdilər” mənalarından hansını vermək lazımdır?” – dedikdə əl-Qasim: “Bu iki mənadan hansı birinin olması mənim üçün fərq etməz”. Sonra rəvayət etmişdir ki, əl-Qasim bu hekayət barədə demişdir: “Hansı məna olursa-olsun, mənim üçün fərq etməz. Çünki mən ona iman gətirmişəm”.
Sələf alimlərinin əksəriyyəti Harut ilə Marutun səma mələklərindən olması rəyindədirlər. Bu iki mələk yer üzünə enmişlər və sonra olanlar olmuşdur. Bu barədə Əhməd ibn Hənbəlin “əl-Musnəd” əsərində Peyğəmbərdən ﷺ rəvayət edilən bir hədis gəlmişdir. Bu hədisi Allahın izni ilə qarşıda rəvayət edəcəyik. Beləliklə, bu hadisə ilə Allahın mələklərinin məsum (günah etməyən) məxluqlar olması barədə gələn dəlilləri cəm edib demək olar ki, bu iki mələyin halını Allah Öz əzəli elmi ilə bilmiş və bu hal onlara xas olaraq Allahın iradəsi ilə baş vermişdir. Buna görə də dəlillər aralarında heç bir ziddiyyət yoxdur.
Həmçinin Uca Allahın “Bir zaman mələklərə: “Adəmə səcdə edin!”- demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi” (“Taha”, 116) və s. bu kimi ayələrini dəlil gətirərək “İblis mələklərdən biridir”, – deyənlərin sözünə də belə cavab vermək olar ki, İblisin halını Allah Öz əzəli elmi ilə bilmişdir. Harut və Marutun halı isə, nəql edildiyi kimi, – İblisin (Allah ona lənət etsin!) halından daha yüngüldür.
 
Harut və Marut barədə varid olan hədisin – sənədi və Peyğəmbərə ﷺ nisbəti səhihdirsə – qeyd olunması və açıqlanması:
 
İmam Əhməd ibn Hənbəl “əl-Musnəd” əsərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edir ki, o Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Uca Allah Adəmi yer üzünə endirdikdə mələklər: “Ey Rəbbimiz, “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” Mələklər dedilər: “Ey Rəbbimiz! Biz sənə Adəm oğlundan daha çox itaətkarıq”. Uca Allah mələklərə dedi: “Elə isə iki mələk gətirin! Onları yer üzünə endirək və nə edəcəklərinə baxaq?” Onlar da: “Ey Rəbbimiz! Harut və Marut olsun”, – dedilər. Bu iki mələk yer üzünə endirildi. Zöhrə ulduzu bəşər övladının ən gözəl qadını surətində onların yanına gəldi. Onlar qadının könlünü ələ almaq və onunla yaxınlıq etmək istədilər. Qadın dedi: “Xeyr, Allaha and olsun ki, şirk sözü söyləmədən özümü sizə təslim etmərəm”. Onlar dedilər: “Allaha and olsun ki, biz heç vaxt Allaha şərik qoşmarıq”. Qadın yanlarından ayrıldı. Sonra qucağında bir uşaqla qayıtdı. Onlar onu gördükdə yenə könlünü ələ almaq istədilər. Qadın dedi: “Xeyr, Allaha and olsun ki, bu uşağı öldürməmiş özümü sizə təslim etmərəm”. Onlar dedilər: “Xeyr, biz heç vaxt onu öldürmərik”. Qadın getdi və əlində bir kasa şərab ilə qayıtdı. Onlar onu gördükdə yenə könlünü ələ almaq istədilər. Qadın dedi: “Xeyr, Allaha and olsun ki, bu içkini içməmiş özümü sizə təslim etmərəm”. Onlar içkini içdilər, sərxoş oldular. Qadınla zina etdilər və uşağı öldürdülər. Ayıldıqdan sonra qadın onlara dedi: “Siz sərxoş olduqdan sonra əvvəl imtina etdiyiniz hər şeyi etdiniz”. Onlar dünya və Axirət əzabı arasında seçim qarşısında qaldıqda dünya əzabını seçdilər”. (əl-Beyhəqi “Şuabul-İman” 160; əl-Heysəmi “Məcməuz-Zəvaid” 8175; Əhməd, 6178. Hədis batildir. Bax: Silsilə əd-Daifə, 170). İbn Hibban “Səhih” əsərində bu hədisi eynilə rəvayət etmişdir. Hədisin bu şəkildə gəlməsi qəribədir. Musa ibn Cubeyr istisna olmaqla hədisi rəvayət edən ravilərin hamısı əl-Buxari və Muslimdə adları keçən etibarlı şəxslərdir. Musa ibn Cubeyr əl-Mədini ənsardır, əs-Suləmi qəbiləsinin azad etdiyi kölədir, çəkməçi olub. İbn Abbasdan, Əbu Uməmə Səhl ibn Huneyfdən, Nafidən, Abdullah ibn Kəb ibn Məlikdən hədis rəvayət etmişdir. Ondan isə, oğlu Abdus-Sələm, Bəkr ibn Mudar, Zuheyr ibn Muhəmməd, Səid ibn Sələmə, Abdullah ibn Ləhiə, Amr ibn əl-Həris və Yəhya ibn Əyyub hədis nəql etmişlər. Əbu Davud və İbn Məcə də ondan hədis rəvayət etmişlər. İbn Əbu Hatim “əl-Cərh və ət-Təadil” adlı əsərində onun adını qeyd etmişdir və onun haqqında nə yaxşı, nə də pis bir şey söyləməmişdir. Beləliklə, o, halı bilinməyən bir ravidir. Bu hədisi yalnız o, İbn Ömərin köləsi Nafidən, o da İbn Ömərdən, o da Peyğəmbərdən ﷺ nəql etmişdir. Həmçinin bu hədis Nafi vasitəsilə başqa bir ravidən də rəvayət edilmişdir.
[Sonra İbn Kəsir İbn Mərdəveyh və ət-Tabərinin təfsirlərindən daha iki rəvayət qeyd edərək demişdir: “Bu iki hədis də çox qəribə rəvayətdir. Bu hədislərin rəvayətində həqiqətə yaxın olan budur ki, bu hədislər Abdullah ibn Ömərin (Allah ondan razı olsun) Kəb əl-Əhbərdən nəql etdiyi rəvayətlərdir. Peyğəmbərin ﷺ dedikləri deyildir”. Sonra İbn Kəsir Abdur-Razzəqin təfsirindən bir rəvayəti qeyd etmişdir və bildirmişdir ki, bu hədisi həmçinin ət-Tabəri və İbn Əbu Hatim də rəvayət etmişlər. Bu hədis əs-Sovridən rəvayət olunmuş, o da Musa ibn Uqbədən, o da Səlimdən, o da İbn Ömərdən, o da Kəb əl-Əhbərdən rəvayət etmişdir. Sonra demişdir:] “Bu rəvayət Abdullah ibn Ömərə (Allah ondan razı olsun) çatan ən doğru isnaddır. Səlimin öz atası Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayəti köləsi Nafinin rəvayətindən daha etibarlı sayılır. Beləliklə, hədisin isnadı Kəb əl-Əhbərin İsrail oğullarının kitablarından etdiyi rəvayətə əsaslanır. Ən doğrusunu Allah bilir. (Əhməd Şakir demişdir: “İbn Kəsirin Əhməddən rəvayət etdiyi və İbn Ömərin (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ nisbət etdiyi hədis “əl-Musnəd” əsərindədir (6178). İbn Kəsirin bu hədisin səhihliyinə xələl gətirən səbəbi açıqlamasını nəql etmişik və hədisin olduqca zəif olmasını bildirdik. Həmçinin hədisdə məntiqi cəhətdən uyğunsuzluq var. Bu uyğunsuzluq mələklərin günahsız olması baxımından deyil. Uyğunsuzluq budur ki, bizim ilk baxışdan kiçik gördüyümüz ulduz həcmcə Yer kürəsindən min dəfələrlə böyük ola bilər. Buna görə də bu böyüklükdə olan nəhəng göy cismi kiçik bir qadın cəsədinə necə çevrilə bilər? “əl-Musnəd”də gələn hədisin zəif olmasını sübut edən daha bir dəlil: Bu hədisin əvvəlində mələklərin belə deməsi qeyd olunur: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” Hədisə görə bu hadisə Adəmin (ona salam olsun) yer üzünə endirilməsindən sonra olmuşdur. Bu isə açıq-aşkar Qurana müxalifdir. Necə ki bu barədə “əl-Bəqərə” surəsinin (30–37)-ci ayələrinin təfsirində danışdıq və bildirdik ki, mələklərin belə deməsi Adəmin (ona salam olsun) yaradılışından və ona səcdə etmək əmr olunmamışdan əvvəl olmuşdur. Adəm və Həvvanın yerə endirilməsi qadağan olunmuş ağacdan yedikdən sonra olmuşdur. Həmçinin ət-Tabərinin təfsir kitabında (1688) saylı hədisə etdiyimiz qeydlərdə bunu bildirmişik.
Əslində, mən bu hədisi də əlimizdəki “Umdətut-Təfsir” kitabından “Müqəddimə”də göstərdiyimiz şərtə (zəif hədisləri pozmaq) görə pozmaq istəyirdim. Lakin hədisin mənası insanlar arasında dillərdə dolaşıb, kitablarda yazıldığı üçün bu hədisin halını bəyan etməyi zəruri bildim və bununla da ən xeyirli olanı etdim. Sonra İbn Kəsirin uzun-uzadı gətirdiyi digər rəvayətləri pozdum. Baxmayaraq ki İbn Kəsir özü də bu rəvayətlərin nöqsanlarını kifayət qədər bildirmişdir. Allah ona rəhmət eləsin!”)  
[Sonra İbn Kəsir səhabə və tabiinlərdən bu mənada gələn əsərləri geniş şəkildə nəql etmişdir. Bu rəvayətlərin heç biri ağlabatan deyil. Sonra demişdir:] “Harut və Marutun hekayəti barədə Mucahid, əs-Suddi, əl-Həsən əl-Basri, Qatədə, Əbul-Aliyə, əz-Zuhri, ər-Rabi ibn Ənəs, Muqatil ibn Həyyən və bir çox digər tabiinlər hədislər rəvayət etmişlər. Həmçinin bu barədə əvvəlki və müasir təfsir alimləri hekayətlər danışmışlar. Bu hekayətlər nəticə olaraq İsrail oğullarından edilən rəvayətlərə qayıdır. Çünki bu barədə öz istəyi ilə danışmayan, məsum olan, doğru danışan və doğruluğu təsdiqlənən Peyğəmbərə ﷺ qədər kəsilmədən uzanan səhih bir isnad yoxdur. Quran ayəsinin məzmunundan görünən odur ki, hekayət ümumi olaraq verilmiş və heç bir təfsilata varılmamışdır. Biz də Quranda Uca Allahın istədiyi kimi varid olan xəbərlərə inanırıq. Şübhəsiz ki, həqiqəti ən yaxşı Allah bilir.
Uca Allah buyurur: “Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”- deməmiş onu heç kəsə öyrətmirdilər”. Rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Bir nəfər o iki mələyin yanına gəlib sehr öyrənmək istədikdə bunu o adama şiddətlə qadağan edərdilər və deyərdilər: “Biz yalnız bir imtahanıq, sən gəl kafir olma!” Çünki onlar xeyir və şəri, küfrü və imanı bilirdilər və sehrin küfr olduğunu da bilirdilər. Əgər gələn adam israr edib, onların sözünə məhəl qoymurdusa, ona filan-filan yerə getməsini əmr edərdilər. Oraya çatdıqda şeytan onlara görünər və sehri öyrədərdi. Sehri öyrəndikdə isə onlardakı nur çölə çıxardı. Şeytan parlayaraq göyə doğru gedən nura baxa-baxa: “Vay onun halına, o nə etdi?” – deyərdi”. Həsən əl-Bəsridən rəvayət edilir ki, o bu ayənin təfsirində belə demişdir: “Bəli, bu iki mələyi Allah insanları sınağa çəkmək üçün sehrlə endirmişdir. Bu mələklər insanları imtahana çəkmək üçün onlara sehri öyrətmişlər. Allah bu iki mələkdən: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!” – deməmiş sehri öyrətməyəcəklərinə dair əhd almışdır”.
“Fitnə” sözü “imtahan, sınaq” deməkdir. Uca Allah Musa (ona salam olsun) barədə xəbər verərək buyurduğu: “Bu yalnız Sənin fitnəndir (sınağındır)”, yəni imtahanındır, sınağındır, “Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən” (“əl-Əraf”, 155) ayəsində də “fitnə” sözü bu mənadadır. Bəzi alimlər bu ayəni dəlil gətirərək, sehr öyrənənin İslamdan çıxaraq kafir olduğunu demişlər. Buna dəlil olaraq Hafiz Əbu Bəkr əl-Bəzzarın Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədis göstərilir: “Kim kahinin və ya sehrbazın yanına gedib onun söylədiyini təsdiq edərsə, artıq Muhəmmədə nazil olanı (Quranı) inkar etmişdir”. (ət-Tirmizi, 135. İbn Məcə, 639. Hədis səhihdir. Bax: Sahih ət-Tərğib vət-Tərhib, 3044). Bu hədisin isnadı yaxşıdır və eyni mənada gələn digər hədislər də var.  (Əhməd Şakir demişdir: “Hədisi rəvayət edən Abdullah ibn Məsuddur (Allah ondan razı olsun). Mənaca buna yaxın olan hədisi əl-Munziri “ət-Tərğib vət-Tərhib” kitabında Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edib (3/53), ardınca isə demişdir: “Hədisi əl-Bəzzər və Əbu Yalə yaxşı sənədlə Abdullah ibn Məsudun (Allah ondan razı olsun) sözü olaraq rəvayət etmişlər”. Sonra əl-Munziri bu hədisə oxşar digər bir hədis gətirmiş və ardından demişdir: “Hədisi əl-Tabərani “Mucəmul-Kəbir” əsərində rəvayət etmişdir. Hədisin raviləri etibarlıdırlar”. Hədisi həmçinin əl-Heysəmi “Məcməuz-Zəvaid” əsərində gətirmiş (5/118) və demişdir: “Hədisi əl-Bəzzər rəvayət etmişdir, hədisin raviləri əl-Buxarinin “Səhih” əsərində adları keçən ravilərdir. Yalnız Hubeyra ibn Məryəmdən başqa, o da etibarlıdır”.
İbn Kəsirin burada gətirdiyi əl-Bəzzərin hədisi Hubeyra ibn Məryəmin yolu ilə Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) gəlmir. Buradakı hədis etibarlı, böyük tabiin Həmməm ibn əl-Hərisin vasitəsilə İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur. Görünür, əl-Bəzzər hədisi iki isnadla, iki formada rəvayət etmişdir. Bu hədis zahirən İbn Məsudun (Allah ondan razı olsun) sözü olsa da, mənaca, şübhəsiz ki, Peyğəmbərdən ﷺ gəlmişdir. Çünki, bildiyimiz kimi, səhabənin bir əmələ küfr deməsi ağıla və ya qiyasa əsaslana bilməz”).
Uca Allah buyurur: “Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər”, yəni insanlar Harut və Marutdan öyrəndikləri sehrlə ərlə arvadın arasını vuraraq pis işlər görürdülər. Bir-birinə uyğunlaşan və isnişən ər-arvadı ayırırdılar. Bu isə şeytanların işidir. Necə ki Muslim “Səhih” əsərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərin ﷺ belə dediyini söyləmişdir: “Həqiqətən, şeytan öz taxtını suyun üzərində qurar, sonra öz ordularını insanların arasına göndərər. Əlaltılarından ona ən yaxın olan insanlar arasında ən çox fitnə edən şeytandır. Şeytanlardan biri gəlib deyər: “Mən filankəsdən əl çəkmədim və nəhayət, onu tərk edəndə o belə-belə (küfr və ya pis şeylər) deyirdi”. İblis deyər: “Xeyr, Allaha and olsun ki, sən bir şey etməmisən”. Başqa biri gəlib deyər: “Mən filankəsdən əl çəkmədim, ta ki onunla zövcəsini ayırdım”. İblis onu yanına yaxınlaşdırar və onu qucaqlayaraq: “Sən nə yaxşısan!”- deyər. (Əhməd Şakir demişdir: “Hədis Səhih Muslimdə (2/346) bir az fərqli mətnlə rəvayət olunmuşdur. Ola bilsin, bu fərq kitabı köçürərkən baş vermişdir. Hədisin sonunda gələn نِعْمَ أنت [ni'mə əntə] “Sən nə yaxşısan” ifadəsini ən-Nəvəvi Muslimin şərhində (17/157) “nun” hərfini kəsrə ilə (“i” saiti ilə), “ayn” hərfini isə sukunla (saitsiz) işarələmişdir. Bu zaman bu söz tərif üçün qoyulmuş “nə yaxşısan” mənasında olur. Lakin əl-Əzhəriyyə əlyazmasında “nun” hərfinin altında kəsrə (“i” saiti), üstündə isə fəthə (“ə” saiti) qoyulmuşdur və üstündə “hər ikisi” sözü yazılmışdır. Yəni hər iki hərəkə ilə ola bilər. Bu zaman نَعَمْ  [nəam] “bəli” sözü cavab ədatı olur. Bu məna da yaxşıdır. Sanki İblis ona deyir: “Bəli, işini layiqincə görən sənsən”). Sehr vasitəsilə ərlə arvadı bir-birindən ayırmanın səbəbi kişi və ya qadından birinin digərinə pis və çirkin görkəmdə təxəyyül edilməsidir. Yaxud kişinin (cinsi əlaqəyə mane olmaq üçün) bağlanması və ya bir-birlərinə nifrət etmələri kimi ayırmağa gətirib çıxaran səbəblərdən biri ola bilər. الْمَرْءُ [əl-mər'u] “kişi” sözünün qadın cinsi اِمْرَأةٌ [imraətun] “qadın” sözüdür. Bu sözlər ikilikdə işlənə bilər. Lakin cəm formaları yoxdur. Ən doğrusunu Allah bilir!
Uca Allah buyurur: “Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər”. Süfyan əs-Sovri bu ayənin təfsirində demişdir: “Yəni yalnız Allahın qəza və qədəri ilə zərər verə bilərlər”. Muhəmməd ibn İshaq demişdir: “Yəni ancaq Allah onları istədikləri ilə baş-başa buraxdığı təqdirdə zərər verə bilərlər”.
Uca Allah buyurur: “Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər”, yəni dinlərinə zərər verib, zərərlə müqayisədə faydası olmayan şeyləri öyrənirdilər. “Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur”, yəni Peyğəmbərə ﷺ tabe olmaq əvəzinə, sehri öyrənən yəhudilər bu əməli edənlərin Axirətdə heç bir payı olmayacağını bilirdilər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni Axirətdə heç bir nəsibi yoxdur”.
Uca Allah buyurur: “Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!” – yəni onların iman gətirib Peyğəmbərə ﷺ tabe olmağı sehrə dəyişmələri necə də pisdir. Kaş ki onlara edilən öyüddən xəbərləri olsaydı”. “Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!” – yəni əgər onlar Allaha və Peyğəmbərinə ﷺ iman edib haramlardan çəkinsəydilər, bu onlar üçün Allah qatında mükafat baxımından seçdikləri və bəyəndikləri şeylərdən daha xeyirli olardı. Necə ki Uca Allah bir başqa ayədə belə buyurur: “Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar” (“əl-Qasas”, 80).
Sehrbazın kafir olduğunu deyən alimlər Uca Allahın “Onlar iman gətirib Allahdan qorxsaydılar...” ayəsini dəlil gətirmişlər. Necə ki bu, Əhməd ibn Hənbəldən nəql edilən bir rəy və sələf alimlərindən bir qrupunun görüşüdür. Bəzi alimlər isə demişlər: “Sehrbazlar kafir deyil, lakin şəriət baxımından cəzaları boyunlarının qılıncla vurulmasıdır”. İmam əş-Şafii və Əhməd ibn Hənbəl Bəcələ ibn Abədədən rəvayət etmişlər ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) ona yazmış və əmr etmişdir ki, hər bir kişi və qadın cadugəri öldürün!” O demişdir: “Biz (bu məktubdan sonra) üç cadugər kişini öldürdük”. (Əbu Davud, 3043; Əhməd, 1657. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir).  Bu rəvayəti əl-Buxari “Səhih” əsərində gətirmişdir. (Bu əsər “əl-Musnəd” əsərində (1657) və əl-Buxaridə (6/184-185, Fəthul-Bari) gələn uzun hədisin bir hissəsidir. Hədisin təxrici əl-Musnəd əsərinin şərhində ətraflı gəlmişdir. (Əhməd Şakir). Həmçinin möminlərin anası Hafsaya nökərlərindən birinin sehr etdiyi və onun əmri ilə bu nökərin öldürüldüyü rəvayəti də səhihdir. (Malik “Muvatta” 1369, 3247; əl-Beyhəqi “Sunənul-Kubra” 25008. Əsər səhihdir. Bax: İrvaul-Ğalil, 1757). İmam Əhməd ibn Hənbəl demişdir: “Peyğəmbərin ﷺ üç səhabəsindən cadugərlərin öldürülməsinə dair səhih rəvayət nəql edilmişdir”. ət-Tirmizi, Cundub əl-Əzdidən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Cadugərin şəri cəzası qılıncla (boynunun) vurulmasıdır”. (Əhməd Şakir demişdir: “Hədis ət-Tirmizidədir (2/338). Həmçinin əl-Hakim (4/360) rəvayət etmiş və demişdir: “Bu, səhih isnadlı hədisdir. Baxmayaraq ki əl-Buxari və Muslim İsmail ibn Muslimin hədisini tərk etmişlər, hədis səhih-ğaribdir”. Hədisi həmçinin əl-Beyhəqi “Sunənul-Kubra” əsərində (8/136) rəvayət etmiş və hədisin sənədində İsmailin olmasını nöqsan tutmuşdur. ət-Tirmizi və əl-Beyhəqinin dediyi kimi, İsmail ibn Muslim zəif deyil. Onun hədisi “həsən”dir. Ona tənə edənlər onun yaddaşına irad tutmuşlar. Muhəmməd ibn Abdullah əl-Ənsari onu çox tərifləmiş, hətta onu Yunus ibn Ubeyddən üstün görmüşdür. Onun hədisləri əzbər bildiyinə şahidlik etmişdir. Necə ki İbn Sadın “ət-Tabəqat” (7/2/34) əsərində onun tərcümeyi-halında bildirilir. ət-Tirmizi onun rəvayət etdiyi başqa bir hədisi də “həsən” görmüş, sonra demişdir: “Bəzi insanlar İsmail ibn Muslim əl-Məkkinin yaddaşına irad tutmuşlar”. Bax: ət-Tirmizinin şərhi (1/452-454)”. ət-Tirmizi hədisin ardında demişdir: “Biz bu hədisin Peyğəmbərdən ﷺ yalnız bu şəkildə rəvayət olunduğunu bilirik. İsmayıl ibn Muslim hədisdə zəif sayılır, səhih olan budur ki, hədis əl-Həsən vasitəsilə Cundubun öz sözü olaraq nəql edilmişdir”. Ən doğrusunu Allah bilir. 
 
Fəsil: (Sehrlə bağlı alimlərin rəyləri)
 
Əbu Abdullah ər-Razi təfsirində nəql edir ki, mötəzilə əqidəsində olanlar sehrin varlığını inkar etmişlər. ər-Razi demişdir: “Hətta onlar sehrin varlığına inananları kafir saymışlar. Əhli Sünnəyə gəlincə, onlar cadugərin havada uça biləcəyini, insanı uzunqulaq, uzunqulağı isə insan şəklinə çevirə biləcəyini mümkün görmüş, lakin demişlər: “Sehrbaz ovsunları oxuyarkən və müəyyən sözlər deyərkən görünən şeyləri yaradan Allahdır. Sehrbazın etdiklərinə səma cisimlərinin və ya ulduzların heç bir təsiri yoxdur”. Filosoflar, münəccimlər və sabiilər isə bunun əksini deyirlər (yəni səma cisimlərinin və ya ulduzların yer üzündə baş verənlərə təsiri olduğunu deyirlər)”. Sonra ər-Razi sehrin baş verməsinə və onu Allahın yaratmasına dəlil olaraq Uca Allahın bu ayəsini gətirmişdir: “Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər”. Hədislərdən isə Peyğəmbərə ﷺ sehr edildiyini və bu sehrin ona təsir etdiyini dəlil gətirmişdir.
Daha sonra ər-Razi demişdir: “Sehri bilmək qəbahət sayılmır və qadağan olunan bir iş deyildir. Elm əhli bu mövzuda ittifaq etmişlər, çünki elm özü özlüyündə şərəflidir. Həmçinin Uca Allahın “De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (“əz-Zumər”, 9) ayəsinin ümumi mənası da buna dəlalət edir, çünki əgər sehr öyrənilməsəydi, onunla möcüzə arasındakı fərq bilinməzdi. Möcüzənin möcüzə olduğunu bilmək vacibdir. Vacibin əsaslandığı şey də vacib sayılır. Bu isə sehri öyrənməyin vacib olmasını tələb edir. Vacib olan bir şey necə haram və qəbahət ola bilər?” Bu məsələdə ər-Razinin sözbəsöz dediyi belədir. ər-Razinin dediyinə bir neçə tərəfdən yenidən nəzər salmaq lazımdır:
Birincisi ər-Razinin “sehr öyrənmək qəbahət deyil” deməsidir. Əgər ər-Razi bununla sehrin məntiqlə qəbahət olmadığını nəzərdə tutursa, onun müxalifi olan mötəzilə əqidəsində olanlar məntiqlə bunu mümkün saymırlar. Yox əgər sehrin şəriətlə qəbahət olmadığını nəzərdə tutursa, bu ayədə sehr öyrənməyin qəbahət və pis bir iş olduğu bildirilir. Səhih hədisdə deyilir: “Kim falçının və ya kahinin yanına gedərsə, Muhəmmədə nazil olanı (Quranı) inkar etmişdir”. (ət-Tirmizi, 135; İbn Məcə, 639 (və dediklərini təsdiq edərsə) əlavəsi ilə. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3044). “Sunən” kitablarında gələn hədisdə deyilir: “Kim bir düyünü bağlar və ona üfürərsə, artıq sehr etmişdir”. (ən-Nəsəi, 4079. Hədis zəifdir. Bax: Daif ət-Tərğib vət-Tərhib, 1788).  
ər-Razinin “Sehr öyrənmək qadağan olunan bir iş deyil. Elm əhli bu mövzuda ittifaq etmişlər” sözünə gəlincə, qeyd etdiyimiz ayə və hədislərin qarşısında sehr öyrənməyin qadağan olmadığı necə deyilə bilər? Elm əhlinin ittifaq etməsi o deməkdir ki, böyük alimlərin hamısı və ya əksəriyyəti bu məsələdə qərar verdiklərini bildirmişlər. Elə isə bu alimlərin qərarı hanı? Bundan başqa, ər-Razinin sehri Uca Allahın: “De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” ayəsinin ümumi mənasına aid etməsinin üzərində də dayanmaq lazımdır. Çünki bu ayə şəriət elmini bilənləri tərifləyir. Sən sehrin şəriət elmi olduğunu necə deyə bilərsən? Sonra daha da irəliləyərək, möcüzəni bilmənin ancaq sehri bilməklə mümkün ola biləcəyini, bu səbəbdən sehri öyrənməyin vacib olduğunu deməsi zəif, hətta batil bir rəydir. Çünki bizim Peyğəmbərimizin ﷺ gətirdiyi möcüzələrdən ən böyüyü əzəmətli Qurandır. Nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. Həmçinin möcüzənin möcüzə olduğunu bilmək üçün heç də sehri bilmək lazım deyil. Bundan başqa, bildiyimiz kimi, səhabələr, onların ardınca gələn tabiinlər, müsəlmanların böyük alimləri və adi müsəlmanlar möcüzəni bilirdilər və onunla digər şeyləri bir-birindən fərqləndirirdilər. Möcüzəni digər şeylərdən fərqləndirmək üçün nə sehri bilmirdilər, nə öyrənmirdilər, nə də başqasına öyrətmirdilər. Ən doğrusunu Allah bilir.
[Sonra İbn Kəsir ər-Razinin sehrin növləri barədə dediklərini geniş şəkildə nəql etmişdir. Bu növləri qeyd etməkdə bir fayda görmürük. Yalnız iki növün qeyd edilməsində fayda olduğunu düşünürük, çünki dövrümüzdə yaşayan insanların bir çoxu şəriət elmini tərk edib, nəfslərinin istəklərinə uyduqları üçün bu bəlaya – sehrin bəzi növlərinə – düçar olmuşlar.] ər-Razi demişdir: “Sehrin növlərindən biri də həndəsi şəkillərdən ibarət alətlərin birləşdirilməsi nəticəsində meydana gələn qeyri-adi hərəkətlərdir. Məsələn at belində bir süvarinin əlində şeypur tutub, heç kim ona toxunmadan gün ərzində hər saatdan bir şeypura üfürməsi kimi. Həmçinin rumluların və hindlilərin çəkdiyi şəkillər də bu növdəndir. Şəkil o qədər təbiidir ki, şəklə baxan onunla həqiqi insan arasında fərqi tapa bilməz. İnsanı ağlayan və ya gülən formada çəkirlər”. Sonda ər-Razi demişdir: “Bu şəkillər xəyali şəkillərdir. Fironun sehrbazlarının sehri də bu qəbildəndir”.
Mən deyirəm: “ər-Razi bununla bəzi təfsirçilərin “Sehrbazlar əllərindəkiləri yerə atan kimi sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür” ayəsinin təfsirində “Onlar kəndirlərinə və çomaqlarına civə sürtürdülər, civə səbəbindən kəndirlər və çomaqlar qıvrılmağa başlayırdı, baxanlar də onun özbaşına hərəkət etdiyini təxəyyül edirdilər”, – sözünü nəzərdə tutur”.
ər-Razi demişdir: “Saat qutularının quruluşu da bu növdəndir. Həmçinin bu növə yüngül alətlərlə ağır yükləri qaldırma elmi də daxildir. Əslində, bu elmin sehr sayılması düzgün deyil, çünki bu elmin bilinən və konkret (elmi) səbəbləri var. Bu səbəbləri bilənlər bunu istənilən vaxt həyata keçirərlər”.
Mən deyirəm: “Həmçinin xaçpərəstlərin avam camaatı aldatmaq üçün işlətdikləri hiylələr də bu qəbildəndir. Avam camaata göstərdikləri işıqlar, Fələstində olan kilsənin qübbəsi də belədir. Gizlicə kilsəyə atəş daxil edib, xalqın diqqətini çəkmək üçün incə bir fənn işlətməklə şamları yandırmaları da belədir. Əyanları isə bunu etiraf edirlər, lakin bunu öz dinlərinin mənsublarını ətraflarına toplamaq kimi izah edir və belə etməyi icazəli görürlər. Peyğəmbərin ﷺ adından “Tərğib və Tərhib” (Yaxşı əməllərə rəğbətləndirmək və günah əməllərdən çəkindirmək) mövzusunda hədis uydurmağı icazəli görən Kərramiyyə (Kərramiyyə firqəsi – bidət firqələrindən biridir. Bu firqə Muhəmməd ibn Kərram əs-Sicistəniyə (hicri təqvimi ilə 190-cı ildə anadan olub) nisbət olunur. Onun iman barədə dediyi söz iman barədə deyilən ilk bidət sayılır. Belə ki imanın qəlbdə etiqad olmasa da, dildə söyləmək olduğunu iddia etmişdir. Bu firqənin batil etiqadlarından biri də budur ki, onlar Peyğəmbərin ﷺ adından hədis uydurmağı icazəli görürlər və deyirlər: “Biz Peyğəmbərin ﷺ əleyhinə deyil, lehinə uydururuq,”. Sözsüz belə demək cahillikdən irəli gəlir. Sələmə ibn Əkva (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim mənim demədiyimi mənə isnad etsə, qoy Cəhənnəmdəki yerini tutsun” (əl-Buxari, 109).  firqəsinin səfeh cahilləri də bu baxımdan onlara bənzəyirlər. Onlar Peyğəmbərin ﷺ barələrində: “Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini hazır bilmiş olsun”  (əl-Buxari, 1209, 1291; Muslim, 4). və “Məndən hədis nəql edin, ancaq mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, Cəhənnəmə girər” (Muslim, 2) – söylədiyi kəslərdir.
Sonra ər-Razi burada bəzi rahiblər barədə hekayətlər nəql etmişdir. Belə ki bir dəfə rahiblərdən biri hərəkətsiz dayanan həzin bir quş səsi eşidir. Görür ki, quşlar bu səsi eşitdikdə ona yazıqları gəlir, yanına gəlib özləri ilə gətirdikləri zeytun dənəsini yeyib rahatlıq tapsın deyə onun yuvasına atırlarmış. Bunu görən rahib də eyni şəkildə bir quş heykəli düzəldir və onun içini boş saxlayır. Bu heykəlin içinə hava girdikdə eynilə həmin quşun səsini çıxarırmış. Rahib bu heykəli məbədə qoymuş və bu məbədin bəzi saleh kəslərin qəbri üzərində tikildiyini iddia edirmiş. O, quşu məbəddə bir yerə asmış, zeytun bar verən vaxt gəlib çatanda bir tərəfdən qapını açırmış, külək bu heykəlin içinə girir və eynilə o quş kimi səs çıxarırmış. Quşlar bu səsi eşitdikdə gəlirlərmiş və özləri ilə çoxlu zeytun gətirərlərmiş. Xaçpərəstlər bu məbəddəki zeytunu görür, lakin səbəbini anlamırdılar. Rahib bu yolla onları aldadırmış və onlarda elə təsəvvür yaradırmış ki, sanki bu qəbir sahibinin kəramətlərindəndir. Qiyamət gününə qədər Allahın lənəti onların üzərinə olsun!
Sehrin növlərindən biri də yemək və yağlardan ibarət bir sıra xüsusi dərmanlardan istifadə etməkdir. ər-Razi demişdir: “Xüsusi dərmanların təsirini inkar etmək mümkün deyil, çünki maqnitin təsiri gözlə görünür”. Mən deyirəm: “Həmçinin insanlar arasında kasıb olduğunu iddia edərək avam camaatı bu dərmanlarla aldadan kəslər də bu növ sehrə aiddir. Onlar oda girmək, ilan tutmaq və s. bu kimi qeyri-adi işlər görməklə insanları inandırırlar”.
ər-Razi demişdir: “Sehrin növlərindən biri də insanların qəlblərini özünə bağlamaqdır. Sehrbaz Allahın ən əzəmətli adını bildiyini iddia edər və bu səbəbdən cinlərin bir çox işlərdə ona tabe olduğunu bildirər. Əgər dinləyən adam dərrakəsi zəif, haqqı batildən ayırmağı bacarmayan olarsa, onun haqq olduğuna inanar və beləcə qəlbini ona bağlayar, içində bir növ qorxu və narahatlıq meydana gələr. Qorxu meydana gəldikdə isə, hissiyyat gücü zəifləyər və beləcə sehrbaz o adama istədiyi şeyi edər”.
Mən deyirəm: “Bu üsula “tənbəlləşdirmə” deyilir. Ona insanlardan ancaq əqli cəhətdən zəif olanlar meyil edərlər. Fizioqnomika (Fizioqnomika insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsuludur). elmində, əqli cəhətdən tam olanlarla əqli naqis olanları seçmək üçün bəzi əlamətlər göstərilir. “Tənbəlləşdirən” adam (sehrbaz) Fizioqnomika elmində mahir olduqda kimin ona tabe olacağını, kimin isə tabe olmayacağını çox yaxşı seçə bilir”.
əl-Bəqərə, 104-105
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ * مَا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَنْ يُنَزَّلَ عَلَيْكُمْ مِنْ خَيْرٍ مِنْ رَبِّكُمْ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
104. Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər!”- deməyin, “Bizə nəzər yetir!” – deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir.
105. Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir.

 
Uca Allah bu ayələrdə möminlərə sözlərində və əməllərində kafirlərə bənzəməyi qadağan etmişdir. Belə ki yəhudilər söz deyərkən ikibaşlı danışaraq qəsd etdikləri təhqiri gizlədirdilər. Allahın lənəti onların üzərinə olsun. Məsələn, اِسْمَعْ لَنَا [ismə lənə] “Bizə nəzər yetir!” demək əvəzinə رَاعِنَا [ra:inə] – “Bizə qayğı göstər!”- deyirdilər. Belə deməklə qəsd etdikləri رُعُونَة [ruu:nə] “səfeh” sözünü gizlədirdilər. Necə ki Uca Allah belə buyurur: “Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”- deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!” – desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)” (“ən-Nisa”, 46). Həmçinin bir çox hədislərdə onların salam verərkən السَّلامُ عَلَيْكُمْ [əs-sələmu aleykum] “sizə salam olsun!” əvəzinə السَّامُ عَلَيْكُمْ [əssə:mu aleykum] “sizə ölüm olsun!” demələri rəvayət olunmuşdur. “Əssəmu” ölüm deməkdir. Bu səbəbdən bizə onlara cavab verərkən وَعَلَيْكُمْ [va aleykum] “sizə də” deməklə kifayətlənmək əmr olunmuşdur. Belə deyərkən onların bizə etdikləri dua qəbul olunmaz, lakin bizim onlara etdiyimiz dua qəbul olunar. Bu ayədə məqsəd budur ki, Uca Allah möminlərə həm sözdə, həm də əməldə kafirlərə bənzəməyi qadağan etmişdir. Bunun üçün də “Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər!”- deməyin; “Bizə nəzər yetir!”- deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir”, – buyurmuşdur.
İmam Əhmədin Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərin ﷺ belə dediyini qeyd etmişdir: “Mən Qiyamətə yaxın bir zamanda, Allaha şərik qoşulmadan tək Ona ibadət olunsun deyə əlimdə qılıncla göndərildim. Mənim ruzim nizəmin kölgəsi altındadır. Zillət və alçaqlıq isə mənim əmrimə müxalif olanların üzərindədir. Kim özünü bir qövmə bənzədərsə, onlardandır”. (əl-Musnəd (5114, 5115, 5667). Məcməuz-Zəvaid (5/267, 6/49). Hədisi əl-Hafiz İbn Həcər “əl-Musnəd”də gələn rəvayəti “Fəthul-Bari”də qeyd etmişdir (6/72), (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2831). Əbu Davud Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərin ﷺ belə dediyi göstərilir: “Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır”. (Bu, əvvəlki hədisin bir hissəsidir. Əbu Davud, 4031. (Əhməd Şakir). Bu hədisdə möminlərə özlərini kafirlərə bənzətmək çox şiddətli şəkildə qadağan olunur və bunu edən əzabla hədələnir. Bu bənzətmə kafirlərin sözlərinə, əməllərinə, libaslarına, bayramlarına, ibadətlərinə və şəriətin bizə icazəli saymadığı bütün şeylərə aiddir. (Dövrümüzdə yaşayan müsəlmanlar – daha doğrusu özünü İslama nisbət edənlər – baxın nələr edirlər. Hər işlərində özlərini kafirlərə bənzədirlər. Hətta bəzi utanmaz yazarlar az qala kafirlərin mərasimlərini və ya buna bənzər adətlərini müsəlman ibadətlərinə daxil etsinlər. Uca Allah müsəlmanları öz dinlərinə qaytarsın! (Əhməd Şakir).  
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “رَاعِنَا [ra:inə] “Bizə qayğı göstər!”, yəni أَرْعِنَا سَمْعَكَ [ər'inə səm'əkə] “bizi dinlə” deməkdir”. Həmçinin demişdir: “Onlar Peyğəmbərə  أَرْعِنَا سَمْعَكَ [ər'inə səm'əkə] “bizi dinlə” deyirdilər. Necə ki أَعْطِنَا [ə'tinə] “bizə ver” sözünü عَاطِنَا [a:tinə] kimi də deyirdilər”. (Bu əsəri ət-Tabəri zəif isnadla rəvayət etmişdir (1731). Əta demişdir: “Bu söz ənsarların işlətdiyi bir ləhcə idi. Allah onu qadağan etmişdir”. əl-Həsən demişdir: “Ayəsindəki الرَّاعِنُ [ər-ra:inu] sözü lağlağa və istehza ilə deyilən bir sözdür. Allah bu ayə ilə onlara Muhəmmədin ﷺ sözlərinə lağ etməyi və İslam dəvətini istehza ilə qarşılamağı qadağan etmişdir”. İbn Cureycin də belə dediyi rəvayət edilmişdir.
İbn Cərir demişdir: “Bizə görə, bu məsələdə doğru təfsir budur ki, Uca Allah bu ayə ilə möminlərə Peyğəmbərə  رَاعِنَا [ra:inə] “Bizə qayğı göstər!” deməyi qadağan etmişdir. Çünki Allah bu ifadənin Peyğəmbərə ﷺ deyilməsini bəyənməmişdir. Peyğəmbərdən ﷺ rəvayət edilən bir hədis də buna bənzəyir. Peyğəmbər ﷺ demişdir: “Üzümə “əl-kəramə” (səxavətli) deməyin! (Çünki “səxavətli” müsəlman adama deyilir). (Hədisin əslində bu cümlə var). Lakin “əl-həbələ” (üzüm tağı) deyin!” (əl-Bəzzər, 4474; ət-Tabərani “Mucəmul-Kəbir” 17483). Həmçinin “abdi” (qulum) deməyin, “fətəyə” (sahib olduğum gənc) deyin!” (Əhməd, 10373, 10603; əl-Buxari, 2552; Muslim, 6014). və buna bənzər ifadələrdir. (Əhməd Şakir demişdir: “Əslində, bu, iki başqa-başqa hədislərin mətnidir. Bu iki hədisi ət-Tabəri sənədsiz qeyd etmişdir (1739, 1740). Birinci hədisi Əhməd “əl-Musnəd” əsərində (8509) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin hədisi əl-Buxari, Muslim və başqaları  da rəvayət etmişlər. İkinci hədisi isə əl-Buxari və Muslim yenə Əbu Hureyradan rəvayət etmişlər. Bax: “Fəthul-Bəri” (5/127-131). Səhih Muslim (2/197)”.
Uca Allah buyurur: “Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər”. Beləcə Uca Allah müşriklərin və Kitab əhlindən olan kafirlərin şiddətli düşmənçiliyini bildirir. Əvvəlki ayədə möminləri onlara bənzəməkdən çəkindirmişdir ki, möminlərlə onlar arasındakı dostluğu kəssin. Həmçinin Uca Allah möminlərə lütf edərək peyğəmbərləri  Muhəmmədə ﷺ tam və mükəmməl şəriət verməklə onlara olan nemətini diqqətə çəkərək buyurur: “Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir”.
əl-Bəqərə, 106-107
مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
106. Biz hər hansı bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?
107. Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.

 
İbn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Biz hər hansı bir ayəni nəsx edir”, yəni “dəyişdirsək” deməkdir”. əs-Suddi demişdir: “Ayənin nəsx edilməsi saxlanılmasıdır”. İbn Əbu Hatim əs-Suddinin sözünü açıqlayaraq demişdir: “Saxlanılması dedikdə qaldırılmasını nəzərdə tutur”. Məsələn: Uca Allahın “Evli kişi və qadın zina edərsə, onları mütləq daşqalaq edin!” və ya “Əgər Adəm övladının iki vadi dolusu mal-dövləti olsaydı, təbii ki, üçüncüsünü də arzulayardı” dəlilləri kimi”. İbn Cərir demişdir: “Uca Allahın “Biz hər hansı bir ayəni nəsx edir” ayəsinin mənası belədir: “Biz bir ayənin hökmünü (mənasını) başqası ilə əvəz edər və dəyişdirərik”, – deməkdir. Bu isə halalın harama, haramın halala, mübahın (Mübah əməllər edilib-edilməməsində nə savab, nə də günah olan əməllərdir. Məsələn: yatmaq, yemək və s. bu kimi əməllər. Lakin əgər insan bu əməlləri Allahın razılığını qazanmaq üçün edərsə, bu zaman bu əməllərə görə savab qazanar. Məsələn, gecə namazına oyanmaq üçün erkən yatmaq kimi). qadağaya, qadağanın mübaha çevrilməsidir. Nəsx olunma yalnız əmr, qadağan, çəkindirmə, ümumiləşdirilmiş məna ifadə edən və bir şeyi icazə verən şəriət dəlillərində (ayələrdə və hədislərdə) baş verir. Əvvəlki ümmətlərdən və hadisələrdən xəbər verən dəlillərə gəlincə, belə dəlillər nəsx edən və ya nəsx olunan olmur”. (Çünki iki xəbərdən birinin nəsx olunması bu xəbərlərdən birinin yalan olması deməkdir. Bu isə Allahın və ya Peyğəmbərin ﷺ dediklərində mümkün olmayan bir şeydir, çünki Allah və Peyğəmbərin ﷺ dediklərində heç vaxt yalan ola bilməz).  
Nəsx sözünün əsli kitabı nəsx etmək, yəni bir nüsxədən başqasına köçürmək deməkdir. Həmçinin şəriət hökmünün nəsx olunması bir hökmün başqa bir hökmə çevrilməsi və bir ibadətin başqa bir ibadətlə əvəz edilməsidir. İstər nəsx olunan şəriət dəlilinin hökmü (mənası), istər mətni (yazısı) olsun, fərq etməz, hər iki halda o “mənsux” (nəsx olunmuş və ya hökmü qaldırılmış) sayılır. (Nəsx olunmuş dəlilin növləri baxımından nəsx üç qisimdir:
1. Mətni (yazısı) qalmaqla hökmü (mənası) nəsx olunan (dəyişdirilən) dəlillər. Quranda ən çox bu növ nəsx mövcuddur. Buna misal “əl-Ənfal” surəsinin 65 və 66-cı ayələrini misal gətirmək olar. Uca Allah buyurur: “Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir” (“əl-Ənfal”, 65-66). Burada 65-ci və 66-cı ayəni nəsx etmişdir. Bununla belə, 65-ci ayənin mətni qalmışdır. Mətnin qalmasının hikməti budur ki, onu oxumaqla savab qazanaq və ümmət nəsxin hikmətini başa düşsün.
2. Mətni nəsx olunan (qaldırılan), lakin hökmü qalan şəriət dəlilləri. Buna misal yuxarıda qeyd olunan zinakar evli kişi və qadının daşqalaq olunması ayəsini misal gətirmək olar. əl-Buxari Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Həqiqətən, Allah Muhəmmədi ﷺ haqq (din) ilə göndərmiş və ona Kitab nazil etmişdir. Nazil etdiyi (Kitabda) daşqalaq ayəsi var idi”. (əl-Buxari, 6778, 7323). Bu növ nəsxin hikməti isə ümməti imtahan etməkdir. Belə ki yəhudilərdən fərqli olaraq, bu ümmət ayənin mətnini Quranda olmaya-olmaya onun mənasına iman gətirib, ona əməl edirlər. Yəhudilər isə, əksinə, daşqalaq ayəsi tövratda ola-ola ona əməl etmirdilər. əl-Buxari “Səhih” əsərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) yəhudilər Peyğəmbərin ﷺ yanına gəlib içərilərindən bir kişinin bir qadınla zina etdiyini ona xəbər verdilər. Peyğəmbər ﷺ onlardan soruşdu: “Tövratdan daşqalağa aid nə bilirsiniz?” Onlar dedilər: “Biz (zinakarları hər yerdə) biabır edir, üstəlik də şallaqlayırıq”. Abdullah ibn Səlam (Allah ondan razı olsun) dedi: “Yalan danışdınız! Həqiqətən, Tövratda (zinakarları) daşqalaq etmək əmr olunmuşdur”. Belə olduqda onlar Tövratı gətirib (onun bükülü səhifələrini) açdılar, sonra onlardan biri əlini daşqalaq ayəsinin üstünə qoydu və bu ayədən həm əvvəlki, həm də sonrakı ayələri oxudu. Abdullah ibn Səlam (Allah ondan razı olsun) dedi: “Qaldır əlini!” Adam əlini qaldırdı və orada daşqalağa aid ayə olduğunu (hamı) gördü. Onda onlar dedilər: “Ey Muhəmməd, (Abdullah) düz deyir, (bu Kitabda) daşqalaq ayəsi var”. Bundan sonra Peyğəmbərin ﷺ əmri ilə zinakarları daşqalaq etdilər”. (əl-Buxari, 3363, 3635).
3. Həm mətni, həm də hökmü (mənası) nəsx olunan dəlillər. Buna misal süd anası sayılmaq üçün uşağı əmizdirmənin sayını göstərmək olar. Belə ki Muslimin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “Quranda ilk nazil olan ayələrdən biri də bu idi ki, uşağı on dəfə əmizdirmək qadını süd anası edərdi. Sonra isə beş dəfə ilə nəsx (hökmü ləğv oldu) olundu”. (Muslim, 1452, 2635, 3671). Bu növ nəsxin hikməti isə insanların ehkamların tədricən dəyişdiyini bilmələri üçündür). Üsul alimləri nəsxin tərifi barəsində ixtilaf etmişlər. Lakin bu mövzuda dedikləri bir-birinə yaxındır. Çünki nəsxin şəri mənası alimlər arasında məlumdur. Bəzi alimlər nəsxin tərifini belə yekunlaşdırmışlar: “Nəsx bir şəri dəlilin hökmünün ondan sonra gələn, başqa bir şəri dəlillə aradan qaldırılmasıdır”. Bu tərifin içərisinə daha yüngülün daha ağırla və ya daha ağırın daha yüngüllə nəsx olunması daxildir. Həmçinin heç bir şəri dəlil olmadan bir hökmün başqa bir hökmlə əvəz edilməsi də bura daxildir. (Buna misal Uca Allahın – “Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir. Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır” (“əl-Mucadilə”, 12-13) ayəsini misal gətirmək olar. Ayəyə əsasən Peyğəmbərlə ﷺ gizli söhbətə gedən şəxs getməzdən əvvəl sədəqə verməli idi. Sonradan bu ayənin hökmü heç bir dəlil endirilmədən nəsx olundu (“əl-Usul min İlmil-Usul” səh. 414). Nəsxin əhkamları, növləri və şərtləri Usul-Fiqh fənnində geniş olaraq açıqlanır.
Uca Allahın “və ya onu unutdururuqsa” sözü iki formada oxunmuşdur. Birinci – نَنْسَأَهَا [nənsə-əhə], ikinci – نُنْسِهَا [nunsihə]. Ayəni نَنْسَأَهَا [nənsə-əhə] “nun” hərfini fəthəli (“ə” saiti ilə) və “sin” hərfindən sonra həmzə ilə oxuyanlara görə məna “və ya onu gecikdiririksə” olur.
İbn Abbas (Allah ondan razı olsun) ayənin birinci qiraətlə oxunuşu barədə demişdir: “Yəni “biz hər hansı bir ayəni dəyişdirir və ya dəyişdirmədən olduğu kimi tərk ediriksə” deməkdir”. Mucahid, İbn Məsudun (Allah ondan razı olsun) əshablarından nəql etmişdir ki, ayənin birinci qiraətlə نَنْسَأَهَا [nənsə-əhə] kimi oxunuşunun mənası: “Yazısını saxlayıb, hökmünü (mənasını) dəyişdirsək” deməkdir. Əbul-Aliyə isə demişdir: “نَنْسَأَهَا [nənsəəhə] qiraəti ilə mənası: “və ya onu Öz yanımızda (saxlayıb nazil olmasını) gecikdiririksə” deməkdir”.
İkinci نُنْسِهَا [nunsihə] qiraətinin mənasına gəlincə Qatədə demişdir: “Uca Allah Peyğəmbərinə ﷺ istədiyi ayəni unutdurar, istədiyini də nəsx edərdi”.
İbn Cərir əl-Qasim ibn Rabiənin belə dediyini rəvayət etmişdir: “Mən Sad ibn Əbu Vəqqasın bu ayəni تَـنْسَهَا [tənsəhə] (sən unutsan) “Biz hər hansı bir ayəni nəsx edir və ya sən onu unudursansa” qiraəti ilə oxuduğunu eşitdim və dedim: “Səid ibn Museyyib bu ayəni نَنْسَأَهَا [nənsəəhə] (gecikdirsək) “Biz hər hansı bir ayəni nəsx edir və ya onu gecikdiririksə” kimi oxuyurdu”. Sad (Allah ondan razı olsun) belə dedi: “Quran nə Museyyibə, nə də Museyyibin ailəsinə endirilməmişdir. Uca Allah buyurur: “Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, onu unutmayacaqsan” (“əl-Əla”, 6), başqa bir ayədə isə buyurur: “Unutduğun zaman Rəbbini yada sal!” (“əl-Kəhf”, 24)”. Abdur-Razzəq də belə rəvayət etmişdir. Həmçinin əl-Hakim bu əsəri rəvayət etmiş və demişdir: “Hədis, əl-Buxari və Muslimin şərtinə uyğundur, lakin onlar rəvayət etməmişlər”. (Əhməd Şakir demişdir: “Hədisi ət-Tabəri üç isnadla rəvayət etmişdir (1755–1757). Bu isnadlardan biri Abdur-Razzəqin yolu ilə gəlir və o, Abdur-Razzəqin təfsirində səh. 110-da var (Bu kitabın əlyazmasının nüsxəsi məndədir). əl-Hakimin rəvayəti isə “əl-Mustədrək” əsərindədir (2/242).
Abdur-Razzəqin təfsirinə və “əl-Mustədrək”də gələn rəvayətə görə, Sad ibn Əbu Vəqqasın (Allah ondan razı olsun) qiraəti نَـنْسَأَهَا [nənsə-əhə] (gecikdirsək), İbn əl-Museyyibin qiraəti isə نُنْسِهَا [nunsihə] (biz unutdursaq) kimi olmuşdur. əz-Zəhəbinin ”əl-Mustədrəkin Müxtəsəri” əsərinin əlyazmasında səh. 265-də belədir. Mənə görə də doğru olan budur, çünki hədisin məzmunu yalnız belə olan təqdirdə başa düşülür. Bizdə olan ət-Tabərinin və İbn Kəsirin çap olunmuş nüsxələrində və kitabın “əl-Əzhəriyyə” əlyazmasında isə belə deyil.
əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində (8/127-128) bu hədisi nəql etmiş, sonra demişdir: “نُنْسِهَا [nunsihə] “nun” hərfini damma ilə (“u” saiti ilə) oxunan qiraətə gəlincə, o, “unutmaq” mənasındadır. Səid ibn əl-Museyyib də belə oxuyurdu. Sad ibn Əbu Vəqqas (Allah ondan razı olsun) isə buna görə ona etirazını bildirmişdi. Bu əsəri ən-Nəsəi rəvayət etmiş, əl-Hakim isə səhih olduğunu bildirmişdir. Sad ibn Əbu Vəqqasın (Allah ondan razı olsun) qiraəti isə Peyğəmbərə ﷺ xitab olunaraq تَـنْسَهَا [tənsəhə] (sən unutsan) fəthəli “tə” hərfi ilə olmuşdur. Bu səbəbdən o, Uca Allahın “Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, onu unutmayacaqsan” (“əl-Əla”, 6) ayəsini dəlil olaraq gətirmişdir. İbn əl-Museyyibin qiraətində doğru hesab etdiyimiz qiraətə uyğun olan da budur. Sadın (Allah ondan razı olsun) qiraətinə gəlincə isə o, İbn Həcərin ayəni dəlil gətirərək dediyi sözə uyğun gəlmir. Əksinə, bizim qeyd etdiyimiz نَـنْسَأَهَا [nənsəəhə] qiraətinə uyğun gəlir. Yəni “gecikdirsək”). İbn Əbu Hatim demişdir: “Muhəmməd ibn Kəb, Qatədə və İkrimədən də Səidin dediyi kimi bir söz nəql edilmişdir”.
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edir: “Ömər (Allah ondan razı olsun) demişdir: “Aramızda (şəriətlə bağlı) ən doğru hökm verən Əlidir. Quranı ən düzgün oxuyan isə Ubeyydir. Buna rəğmən biz Ubeyyin dediklərinə məhəl qoymuruq. Halbuki Ubeyy deyir: “Mən Peyğəmbərdən ﷺ eşitdiklərimdən heç bir şeyi gizlətmirəm, çünki Uca Allah buyurur: “Biz hər hansı bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk”. (“əl-Bəqərə”, 106)”. (Əhməd, 21085, 21123. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). əl-Buxari bu hədisə mənaca yaxın olan bir hədis rəvayət etmişdir. (Hədis “əl-Musnəd” əsərində (5/113 Hələb çapı) və əl-Buxaridədir (8/127, Həthul-Bari), (Əhməd Şakir).
Uca Allah buyurur: “ondan daha yaxşısını və ya ona bənzərini gətiririk”, yəni hökm baxımından mükəlləf olanların mənafeyinə uyğun olanını gətiririk. Əbul-Aliyə isə demişdir: “Biz hər hansı bir ayəni nəsx edir”, yəni ona əməl etmiriksə, “və ya onu gecikdiririksə”, yəni yanımızda saxlayırıqsa ya onu, ya da ona bənzərini gətirərik. Qatədə “ondan daha yaxşısını və ya ona bənzərini gətiririk” ayəsi barədə demişdir: “Uca Allah buyurur ki, nəsx etdiyimiz ayə əvəzinə özündə asanlaşdırma, güzəşt, əmr və qadağa mənası daşıyan başqa bir ayə endirərik”.
Uca Allah buyurur: “Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır”. Uca Allah bu ayəsi ilə yaratdıqlarını istədiyi kimi idarə etdiyini, yaratmaq və əmr etməyin yalnız Ona məxsus olduğunu və qulları üzərində tam hakim olduğunu ifadə edir. Necə ki Allah qullarını istədiyi kimi yaradır, eləcə də istədiyini xoşbəxt, istədiyini də bədbəxt edər. İstədiyini sağlam, istədiyini də xəstə edər. İstədiyinə müvəffəqiyyət bəxş edər, istədiyini də uğursuzluğa düçar edər. Həmçinin qulları arasında istədiyi kimi hökm edər. İstədiyini halal, istədiyini haram edər. İstədiyinə icazə verər, istədiyini qadağan edər. İstədiyi kimi hökm verən Odur. Onun hökmünü ləğv edən olmaz. O gördüyü işlər üçün məsuliyyət daşımaz, onlar isə daşıyacaqlar. Allah Öz qullarını ayələrini nəsx etməklə və bu məsələdə Peyğəmbərinə ﷺ itaət etməklə sınağa çəkər. Uca Allah Özü bildiyi bir mənfəətə görə bir şeyi əmr edər, sonra yenə onu Özü bildiyi bir mənfəətə görə qadağan edər. Allaha tam itaət etmək isə Onun əmrlərinə boyun əymək, Peyğəmbərinin ﷺ gətirdiyi xəbərləri təsdiq etməklə onlara tabe olmaq, buyurduqlarını yerinə yetirmək və qadağalarından çəkinməklə olur. Burada bəzi yəhudilərin cahillik və küfr səbəbi ilə nəsxin məntiqlə mümkün olmaması iddiasına cavab var. Eyni zamanda bunda bəzi yəhudilərin böhtan və iftira atmaqla nəsxin dəlil baxımından da sabit olmaması iddiasına cavab var.
İmam Əbu Cəfər ibn Cərir demişdir: “Ayənin açıqlaması belədir: “Ey Muhəmməd! Məgər görmürsənmi ki, göylərin və yerin mülkü Mənimdir və orada Məndən başqa hakim yoxdur? Orada və orada olanlar arasında istədiyim kimi hökm edərəm. Orada və orada olanlara istədiyimi əmr edər, istədiyimi də qadağan edərəm. Göylərdə və yerdə qullarım arasında hökm etdiyim şeylərdən istədiyimi istədiyim zaman istədiyim kimi dəyişdirər, istədiyimi nəsx edər, istədiyimi də dəyişmədən saxlayaram”.
Sonra İbn Cərir demişdir: “Uca Allah bu ayə ilə Peyğəmbərinə ﷺ xitab edərək Öz əzəməti barəsində xəbər vermiş olsa da, eyni zamanda yəhudilərin yalançı olduqlarını bildirir. Belə ki onlar Tövratın hökmlərinin nəsx edildiyini, İsa və Muhəmmədin ﷺ peyğəmbər olaraq göndərildiklərini və Allah dərgahından gətirdikləri Kitabın – Tövratın hökmünü dəyişdirdiklərini qəbul etmirlər. Bu səbəbdən Uca Allah bu ayə ilə onlara bildirir ki, göylərin və yerin mülkü və hakimiyyəti Ona aiddir, yer üzündə və səmada olan bütün varlıqlar Onun hakimiyyəti altındadır. Onların üzərinə düşən Ona itaət edib, Onun əmr və qadağalarına tabe olmaqdır. Allah onlara istədiyini əmr edər, istədiyini qadağan edər, istədiyini dəyişdirər, istədiyini dəyişmədən saxlayar. Saxladığı, əmr etdiyi və qadağan etdiyi şeylərdən istədiyini də yeniləyər.
Mən deyirəm: “Yəhudiləri nəsxin mümkün olub-olmama məsələsini müzakirə etməyə aparan səbəb küfr və inadlarıdır. Çünki məntiq baxımından Allahın verdiyi hökmlərdə nəsxin qeyri-mümkün olduğunu göstərəcək heç bir dəlil yoxdur. Belə ki Uca Allah istədiyini etdiyi kimi, istədiyini də hökm edər. Həmçinin nəsx köhnə kitablarda və keçmiş şəriətlərdə də olmuşdur. Necə ki Allah ilk öncə Adəmə qızlarını oğulları ilə evləndirməyi halal etmişdi, sonradan bunu haram etdi. Həmçinin Nuha gəmidən düşdükdən sonra bütün heyvanları yeməyi halal etmişdi, sonradan bəziləri haram edildi. Habelə Yaquba və onun övladlarına eyni vaxtda iki bacı ilə evlənmək icazəli idi, sonra isə Tövratda və daha sonrakı şəriətlərdə bu, haram edildi. Buna bənzər bir çox misallar qeyd etmək olar. Onlar bu dəlilləri etiraf edirlər, lakin sonra üz çevirirlər. Bu dəlillərə sözlə cavab verərkən müəyyən qədər suallardan yayınsalar da, bu dəlillərin əsl məqsədini təşkil edən mənadan yan keçə bilməzlər. Necə ki onların kitablarında Muhəmmədin ﷺ peyğəmbər olaraq gələcəyi barədə müjdə olduğu açıq-aşkardır və ona tabe olmaq əmr olunur. Bu məlumat ona tabe olmağın vacib olmasını və Peyğəmbərin ﷺ şəriətindən kənar edilən əməllərin qəbul olmayacağını bildirir. Fərq etməz, istər “köhnə şəriətlər Muhəmmədin ﷺ peyğəmbər göndərilməsinə qədər müəyyən məqsəd daşıyırdı və bu səbəbdən bu şəriətlər nəsx olunmamışdır”, – deyilsin. Necə ki Uca Allah buyurur: “Sonra gecəyədək orucunuzu tamamlayın” (“əl-Bəqərə”, 187). (Bu ayənin mövzu ilə əlaqəsi budur ki, bəzi alimlər demişlər: “Muhəmmədin ﷺ şəriəti əvvəlki şəriətləri nəsx etməmişdir. Necə ki gecənin gəlişi orucun bitməsini göstərir, eləcə də Muhəmməd Peyğəmbərin ﷺ gəlişi əvvəlki şəriətlərin bitməsini bildirir”). İstərsə də “Əvvəlki şəriətləri Peyğəmbərin ﷺ şəriəti nəsx etmişdir”, – deyilsin. Hər iki halda Peyğəmbərə ﷺ tabe olmaq vacibdir, çünki o, Uca və Xeyirxah Allahın ən son əhdi olan Kitabı (Quranı) gətirmişdir.
Təfsir alimi Əbu Muslim əl-Əsbəhani demişdir: “Quran ayələrində nəsx yoxdur”. Onun bu sözü zəif, qəbul olunmayan və yanlışdır. Əbu Muslim əl-Əsbəhani Quranda olan nəsx ayələrinə düşünmədən cavab verməyə çalışmışdır. Bu cavablardan bəzilərini qeyd edək: Məsələn, əri ölmüş qadının bir il gözləmə müddətinin dörd ay on günə nəsx edilməsi barədə danışmış və buna qəbul olunmayan bir cavab vermişdir. Həmçinin qiblənin Beytul-Məqdisdən Kəbəyə çevrilməsi barədə də danışmış, lakin tutarlı bir cavab verməmişdir. Bundan başqa bir səbirli müsəlmanın döyüşdə on kafirə qalib gəlməsi nəsx edilərək, bir səbirli müsəlmanın iki kafirə qalib gəlməsi məsələsi barədə də danışmışdır. Həmçinin Peyğəmbərlə ﷺ gizli söhbətə gedənin getməzdən əvvəl sədəqə verməsinin vacibliyinin nəsx edilməsi barədə və s. bu kimi mövzular barədə danışmışdır. Ən doğrusunu Allah bilir! (Əhməd Şakir demişdir: “Əbu Muslim əl-Əsbəhaninin nəsx barədə rəyi və ona İbn Kəsirin cavabı “əl-Əzhəriyyə” əlyazmasında yoxdur. Lakin bu məsələnin önəmliyini, həmçinin dövrümüzdə İslama yeni fikirlər gətirən bəzi şəxslərin buna meyil etməsini nəzərə alaraq bu mövzunu əlavə etdik. Onlar ictihad edərək bu zəif və yanlış rəyi müdafiə etməyə çalışmışlar. Müəllimimiz əs-Seyyid Rıza İbn Kəsirin bu sözünün haşiyəsində Əbu Muslimi müdafiə etməyə çalışmışdır, lakin onun bu müdafiəsi zəif və faydasızdır”).
əl-Bəqərə, 108
أَمْ تُرِيدُونَ أَنْ تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِنْ قَبْلُ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ
108. Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi, siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır.

 
Bu ayədə Uca Allah hələ baş verməmiş hadisələr barədə Peyğəmbərdən ﷺ çox sual soruşmağı qadağan etmişdir. Necə ki bir başqa ayədə belə buyurur: “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir” (“əl-Maidə”, 101), yəni əgər ayə nazil olandan sonra təfsilatını soruşsanız, o sizə açıqlanar. Lakin bir şey baş verməmişdən əvvəl onu soruşmayın. Ola bilsin ki, həmin şey sizin onu soruşmağınız səbəbindən qadağan edilsin. Bunun üçün “Səhih” əsərində varid olmuş hədisdə deyilir: “Ən böyük günah qazanan müsəlmanlar qadağan edilməmiş bir şeyi soruşub, bu sual səbəbi ilə o şeyin qadağan edilməsinə səbəb olanlardır”. (Muslim, 2358, 4349, 6265). Həmçinin Peyğəmbərdən ﷺ “Bir adam öz zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa, nə etməlidir? Əgər o bunu danışsa, böyük bir eybi açmış olar. Əgər sussa, yenə də belə bir böyük qəbahəti gizlətmiş olar. Yoxsa bunun başqa bir yolu var?”– deyə soruşulduqda Peyğəmbər ﷺ bu sualı bəyənməmiş və belə bir sual verməyi eyib saymışdır. Bundan sonra Uca Allah lənətləşmə haqqında ayə nazil etdi. (“ən-Nur” surəsinin 4–9-cu ayələri). əl-Buxari və Muslimi eyniadlı “Səhih” əsərlərində Muğirə ibn Şöbədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ söz gəzdirməyi, çox sual verməyi və var-dövləti israf etməyi qadağan edərdi. (əl-Buxari, 2231, 2408; Muslim, 1715, 3238, 4582). Muslimin “Səhih” əsərində gələn hədisdə isə Peyğəmbər ﷺ demişdir: “Haqqında danışmadığım şeyləri siz də (sual vermədən) tərk edin. Həqiqətən, sizdən əvvəlki ümmətlər çox sual verdikləri və peyğəmbərlərinə qarşı çıxdıqları üçün həlak oldular. Sizə nə əmr edirəmsə, ona bacardığınız qədər əməl edin. Sizə nəyi qadağan edirəmsə, ondan çəkinin!” (Muslim, 2380, 3321). Peyğəmbər ﷺ bu sözü Allahın müsəlmanlara həcc ziyarətini vacib etdiyini bildirdikdə bir nəfər qalxıb: “Ey Allahın Elçisi! Həcc hər il edilməlidirmi?” – soruşduqdan sonra demişdir. Kişi bunu soruşduqdan sonra Peyğəmbər ﷺ susdu. Kişi sualı üç dəfə təkrarladı və hər soruşduqda Peyğəmbər ﷺ susdu. Sonra dedi: “Xeyr (hər il edilmir). Əgər “bəli” desəydim, o zaman bu sizə vacib olardı və sizin buna gücünüz çatmazdı”. Sonra Peyğəmbər ﷺ: “Haqqında danışmadığım şeyləri siz də (sual vermədən) tərk edin...” sözünü demişdir. Ənəs ibn Məlik (Allah ondan razı olsun) də belə demişdir: “Bizə Peyğəmbərdən ﷺ (hər hansı) bir şey haqqında soruşmaq qadağan edilmişdir. (Odur ki) çöl əhalisindən bir adamın gəlib qulağımız eşidə-eşidə Peyğəmbərə ﷺ sual verməsi bizə xoş gəlirdi”. (Muslim, 102). Əbu Yəalə əl-Movsili rəvayət etmişdir ki, əl-Bəra ibn Azib (Allah ondan razı olsun) demişdir: “Bəzən elə olurdu ki, bir şeyi Peyğəmbərdən ﷺ soruşmaq istəyirdim, lakin il ötürdü, amma mən ona hörmətdən dolayı çəkinərək soruşmağa cəsarət etmirdim. Bu səbəbdən çöl əhalisindən bir bədəvi ərəbin gəlib soruşmasını arzulayardıq”. (Bu hədisi Məcməuz-Zəvəid kitabında tapa bilmədim. Hədisin isnadı səhihdir (Əhməd Şakir). İbn Həcər “Mətalibul-Aliyyə” 3602, 3684. Hədis həsəndir). əl-Bəzzər rəvayət edir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ səhabələrindən daha xeyirli olan bir qövm görmədim. Onlar Peyğəmbərdən ﷺ yalnız on iki məsələ barədə soruşmuşlar və hamısı da Quranda var. Məsələn: “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar” (“əl-Bəqərə”, 219). “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar” (“əl-Bəqərə”, 217). “Səndən yetimlər haqqında soruşurlar” (“əl-Bəqərə”, 220) və s. bu kimi ayələr”. (Əhməd Şakir demişdir: “Əsəri həmçinin əd-Dərimi rəvayət etmişdir (1/50-51), əl-Heysəmi “Məcməuz-Zəvaid” kitabında gətirmişdir (1/157-159). Lakin onların rəvayət etdikləri əsərdə “on üç məsələ barədə soruşmuşlar” gəlmişdir. əl-Heysəmi demişdir: “Əsəri ət-Tabərani “Mucəmul-Kəbir” kitabında rəvayət etmişdir. Əsərin sənədində Əta ibn əs-Səibin adı var və o etibarlı ravidir. Lakin sonradan hədis rəvayət edərkən qarışdırırmış. Yerdə qalan raviləri etibarlıdır”. ət-Tabərani ilə birlikdə hədisi əl-Bəzzərə nisbət etməmişdir. Ola bilsin, bu səhvdir. İbn Kəsirin qeyd etdiyi əd-Dərimi və əl-Bəzzərin sənədi İbn Fudeylin Ətadan rəvayəti ilədir. İbn Fudeyl isə Əta hədisləri qarışdırdıqdan sonra ondan eşitmişdir. Beləliklə də, hədisin sənədi “həsən” olur” (əl-Bəzzər, 5065; ət-Tabərani “Mucəmul-Kəbir” 12121).
Uca Allah buyurur: “Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi, siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz?”, yəni əksini istəyirsiniz. Burada sual cümləsi etiraz və qınamaq mənasındadır. Bu ayə həm möminlərə, həm də kafirlərə aiddir. Çünki Peyğəmbər ﷺ bütün insanlara göndərilmişdir. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!” – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu” (“ən-Nisa”, 153).
Ayədə nəzərdə tutulan budur ki, Allah Peyğəmbərdən ﷺ irad tutmaq məqsədilə yersiz bir şey soruşanları qınamışdır. Necə ki İsrail oğulları Musanı ﷺ yalançı saymaq, ona qarşı inadkarlıq etmək və irad tutmaq məqsədilə ona yersiz suallar vermişdilər. Sonra Uca Allah buyurur: “İmanı küfrə dəyişən kəs”, yəni iman qarşılığında küfrü satın alan kəs; “əlbəttə, doğru yoldan azmışdır”, yəni dümdüz yoldan çıxıb cəhalət və azğınlığa düşmüşdür. Peyğəmbərləri təsdiq etməkdən, onlara itaət etməkdən və tabe olmaqdan boyun qaçırıb onlara qarşı çıxan, onları yalançı sayıb inkar və irad tutmaq məqsədilə onlara yersiz suallar verənlərin halı da belədir. Necə ki Uca Allah belə buyurur: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir” (“İbrahim”, 28-29).
əl-Bəqərə, 109-110
وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُوا وَاصْفَحُوا حَتَّى يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
109. Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir.
110. Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun əvəzini Allahın yanında tapacaqsınız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.

 
Uca Allah bu ayədə mömin qullarını Kitab əhlindən kafir olanların yolu ilə getməkdən çəkindirir, onların gizlində və aşkarda apardıqları düşmənçiliyi möminlərə öyrədir, möminlərin və peyğəmbərlərinin üstünlüyünü bildikləri halda, onlara qarşı daxillərindəki həsədi bəyan edir. Həmçinin mömin qullarına da onlara fikir verməməyi, bağışlamağı və Allahın kömək və qələbə əmri gələnə qədər dözməyi əmr edir. Eyni zamanda namaz qılmalarını və zəkat vermələrini buyuraraq möminləri bu əməllərə təşviq edir və rəğbətləndirir. Necə ki Muhəmməd ibn İshaq Abdullah ibn Abbasın (Allah ondan razı olsun) dediklərini rəvayət etmişdir: “Yəhudilərdən ərəblərə ən çox həsəd aparanlar Huyey ibn Əxtab və Əbu Yasir ibn Əxtab idi. Çünki Allah Öz Elçisini ﷺ ərəblərdən seçməklə onları üstün etmişdi. Onlar bacardıqları qədər insanları İslamdan döndərməyə çalışırdılar. Bu səbəbdən Uca Allah bu ayəni endirdi: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Həqiqəti bildikdən sonra”, yəni heç bir şey onlara qaranlıq qalmayacaq dərəcədə haqq onlara aydın olduqdan sonra həsəd aparmaları onları haqqı inkar etməyə vadar etdi. Beləcə, Allah onları qınamış və şiddətlə məzəmmət etmişdir. Peyğəmbərinə ﷺ və möminlərə isə özlərinə və özlərindən əvvəl nazil olanlara iman gətirib, onları təsdiq etməyi buyurmaqla, sitayiş etdikləri dini qanun etmiş və bildirmişdir ki, Allahın yardımı, səxavəti və bu din sayəsində onlar böyük savaba nail olacaqlar”. Əbul-Aliyə bu ayənin təfsirində demişdir: “Kitab əhli Muhəmmədin ﷺ peyğəmbər olması barədə əllərindəki Tövrat və İncildə yazıldığını bildikdən və bu onlara açıq-aşkar bəlli olduqdan sonra onlar peyğəmbərin özlərindən deyil, başqalarından (ərəblərdən) olmasına həsəd edərək və həddi aşaraq onu inkar etdilər”.
Uca Allahın: “Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın” sözü məna baxımından bu ayə kimidir: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir” (“Ali-İmran”, 186).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allahın: “Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın” ayəsini bu ayələr nəsx etmişdir: “Müşrikləri harada yaxalasanız, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın!” (“əl-Bəqərə”, 191), “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun” (“Tövbə”, 5) və “Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun” (“Tövbə”, 29)”. Bu ayələr müşrikləri bağışlayıb əfv etməyi qüvvədən salmışdır. Qatədə və əs-Suddi demişlər: “Bu ayə qılınc ayəsi ilə nəsx edilmişdir. Uca Allahın “Allah Öz əmri ilə gəlincəyə qədər” sözü də bunu göstərir”. İbn Əbu Hatim rəvayət edir ki, Usamə ibn Zeyd (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ və onun səhabələri Allahın onlara əmr etdiyi kimi, Kitab əhli və müşrikləri əfv edər və (özlərinə verilən) əziyyətlərə səbir edərdilər. Uca Allah buyurdu: “Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir”. Peyğəmbər ﷺ Allahın (kafirləri) bağışlamağa dair əmrini olduğu kimi yozurdu. Nəhayət, Allah (Öz peyğəmbərinə - ona Allahın salavatı və salamı olsu) onlarla vuruşmağa izn verdi. (Bədr döyüşündə) Allah Peyğəmbər ﷺ vasitəsilə Qureyşin adlı-sanlı kafirlərini öldürdü”. (Əhməd Şakir demişdir: “İbn Əbu Hatim bu hədisi atasından, o da Əbul-Yəməndən rəvayət etmişdir. Bu, uzun hədisin bir hissədir. Hədisi əl-Buxari (8/173–175, Fəthul-Bari) və Muslim rəvayət etmişdir. əl-Hafiz İbn Kəsir isə bu hədisin müstəqil bir hədis olduğunu zənn etmiş və az qala bu hədisin altı Sünnə kitablarında olmasını inkar etsin. Lakin sonradan o, “Bu hədisin əl-Buxari və Muslimdə əsli vardır” deməklə öz sözünü tamamlamışdır. İbn Kəsirin dediyi bu cümlə əl-Əzhəriyyə əlyazmasında yoxdur. Bu hədis burada gələndən daha geniş şəkildə əs-Suyutinin “əd-Durrul-Mənsur” əsərində (1/107) müxtəsər olaraq yer almışdır. Bu hədisi əl-Buxari, Muslim, İbn Əbu Hatim, ət-Tabərani və əl-Beyhəqinin “əd-Dələil” kitabına nisbət etmişdir. Belə etməsi çox yaxşıdır”).  
Uca Allah buyurur: “Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun əvəzini Allahın yanında tapacaqsınız”. Bu ayədə Uca Allah möminləri özlərinə fayda verəcək və Qiyamət günü aqibətlərinə təsir edəcək əməllərə – namaz qılmağa və zəkat verməyə rəğbətləndirir. Bu əməllərlə Allah – həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün onlara zəfəri təmin edəcəkdir. “O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir”. Bunun üçün ayənin sonunda Uca Allah buyurur: “Şübhəsiz ki, Allah nə etdiklərinizi görür”, yəni Allah heç bir kəsin əməlindən xəbərsiz deyil və heç kəsin əməyi Onun dərgahında puç olmaz. Allah – istər yaxşı əməl olsun, istər də pis, hər kəsə əməlinə görə əvəzini verəcək.
Əbu Cəfər İbn Cərir “Şübhəsiz ki, Allah nə etdiklərinizi görür” ayəsi barədə demişdir: “Bu, Allahın ayə ilə xitab etdiyi möminlərə verdiyi bir xəbəridir. Onlar nə edirlərsə-etsinlər, istər yaxşılıq, istər pislik, istər gizlində, istərsə də aşkarda, Allah onu görür. Çünki heç bir şey Allahdan gizli qalmaz. Yaxşılığın qarşılığını ondan daha artığı ilə mükafatlandırar, pisliyi isə eynisi ilə cəzalandırar. Bu ifadə zahirən xəbər mənasında olsa da, bunda (yaxşı əməllər görənlər üçün) vəd, (günah edənlər üçün) təhdid, (yaxşı əməlləri) əmr etmək, (günahlardan isə) çəkindirmə var. Uca Allah möminlərə Ona itaətdə daha da çox çalışsınlar deyə, onların etdikləri bütün əməlləri gördüyünü bildirmişdir. Çünki Allah qatında saxlanacaq olan da budur. Onlar Allah qatında buna görə mükafat alacaqlar. Həmçinin asiliklərdən çəkinsinlər deyə Uca Allah: “Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun əvəzini Allahın yanında tapacaqsınız” buyurur”. İbn Cərir demişdir: “Uca Allahın بَصِيرٌ [bəsi:run] “görür” sözü مُبْصِرٌ [mubsirun] “görən” sözünün dəyişmiş formasıdır. Necə ki مُيْدِعٌ [mubdiun] “yaradan” sözü çevrilərək بَدِيعٌ [bədi:un] olmuşdur. Həmçinin مُؤْلِمٌ [mu'limun] “ağrıyan” sözü çevrilərək أَلِيمٌ [əli:mun] “ağrılı-acılı” olmuşdur. Ən doğrusunu Allah bilir.
əl-Bəqərə, 111-113
وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ * بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ * وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَى شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
111. Onlar dedilər: “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa, heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
112. Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
113. Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!"- deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”- deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

 
Uca Allah bu ayədə yəhudilərin və xaçpərəstlərin öz halları ilə qürurlandıqlarını açıqlayır. Belə ki yəhudi və xristianlardan hər bir qrup yalnız öz din mənsublarının Cənnətə girəcəyini iddia edirlər. Necə ki Allah “əl-Maidə” surəsində onların belə dediklərini xəbər verir: “Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və Onun sevimliləriyik”, – dedilər”. Uca Allah da onların bu iddialarına cavab verərək yalan dediklərini və işlətdikləri günahlara görə onlara əzab verəcəyini bildirir. Əgər iddia etdikləri kimi olsaydı, vəziyyət heç də belə olmazdı. Necə ki bundan əvvəl yalnız bir neçə gün odda qalacaqlarını, sonra Cənnətə girəcəklərini iddia edirdilər. Allah da onların bu iddialarını rədd etmişdi. Həmçinin Uca Allah onların bu iddialarını da rədd edərək dediklərinin dəlilsiz, əsassız və sübutsuz olduğunu bildirir və buyurur: “Bu onların xam xəyallarıdır”. Əbul-Aliyə demişdir: “Bunlar, Allah barədə haqsız yerə etdikləri xəyallar idi”. Qatədə də belə demişdir. Sonra Uca Allah buyurur: “De:“Ey Muhəmməd! “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!” Əbul-Aliyə və Mucahid demişlər: “Yəni sübutunuzu gətirin”. Qatədə isə demişdir: “Yəni açıq-aydın dəlilinizi gətirin”. “Əgər doğru deyirsinizsə”, yəni “iddia etdiyinizdə doğrusunuzsa” deməkdir.
Sonra Uca Allah buyurur: “Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa”, yəni kim əməllərini tək Allah üçün edib, ibadətlərində Allaha heç bir şeyi şərik qoşmazsa. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” (“Ali-İmran”, 20). “Yaxşı işlər görüb”, yəni əməllərini Peyğəmbərin ﷺ etdiyi kimi edərək ona tabe olarsa. Çünki Allah qatında qəbul olunan əməlin iki şərti var. Birincisi, əməl xalis Allah üçün olmalıdır. İkincisi, əməl tam olaraq şəriətin buyurduğu şəkildə olmalıdır. Əgər əməl xalis Allah üçün olub, lakin tam olaraq şəriətin buyurduğu şəkildə olmazsa, qəbul olunmaz. Bunun üçün Peyğəmbər ﷺ demişdir: “Bizim əmr etmədiyimiz bir əməli edənin əməli rədd olunur (qəbul olunmaz)”. (əl-Buxari, 2499, 2697). Hədisi Muslim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir.
Xaçpərəst rahiblərin və onlara bənzəyənlərin əməlləri – əməllərini Allah üçün etdiklərini fərz etsək belə – onlara və bütün bəşəriyyətə göndərilən Peyğəmbərin ﷺ şəriətinə uyğun olmayana qədər Allah qatında məqbul deyil. Uca Allah Quranda bunlar və bunlara bənzəyənlər haqqında belə buyurur: “Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik” (“əl-Furqan”, 23). Başqa bir ayədə isə belə buyurur: “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir” (“ən-Nur”, 39). Möminlərin əmiri Ömərdən (Allah ondan razı olsun) rəvayət edilir ki, o bu ayəni şərh edərkən ayədə rahiblərin nəzərdə tutulduğunu bildirmişdir. Əgər əməllər zahirən şəriətə uyğun olub, lakin onu edən adam əməlini Allah üçün etmirsə, bu əməl də Allah qatında qəbul olunmur və sahibinə qaytarılır. İbadətlərində riyakarlıq edənlərin və münafiqlərin halı belədir. Necə ki Uca Allah bu cür insanlar haqqında belə buyurur: “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər” (“ən-Nisa”, 142). “əl-Maun” surəsində isə belə buyurur: “Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar və az bir şey verməkdən belə imtina edirlər” (“əl-Maun”, 4-7). Bu səbəbdən buyurur: “De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (“əl-Kəhf”, 110). Burada isə belə buyurur: “Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa...” (“əl-Bəqərə”, 112).
Uca Allah buyurur: “Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. Uca Allah onlara etdiklərinin qarşılığında mükafatlar qazanacaqlarına zəmanət verir. Özlərinə də qorxduqları hər cür pisliklərdən əmin-amanlıq bəxş edəcəyini bildirir. Öldükdən sonra qarşıda gələcək hadisələrdə “Onlara heç bir qorxu yoxdur”, arxada qoyub getdiklərinə görə isə “onlar kədərlənməyəcəklər”. Necə ki bu ayənin təfsirində Səid ibn Cubeyr demişdir: “Onlara heç bir qorxu yoxdur”, yəni Axirətdə heç bir qorxu olmayacaq; “onlar kədərlənməyəcəklər”, yəni öldüklərinə görə peşman olmayacaqlar.
Uca Allah buyurur: “Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”- deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”- deyirlər. Halbuki onlar Kitab oxuyandırlar”. Uca Allah bu ayə ilə xaçpərəst və yəhudilərin öz aralarında olan fikir ayrılığını, bir-birlərinə bəslədikləri kini, düşmənçiliyi və bir-birlərinə qarşı əks fikirdə olduqlarını açıqlayır.
Muhəmməd ibn İshaq İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Nəcranlı xaçpərəstlər Peyğəmbərin ﷺ yanına gəldikdə onlarla birlikdə yəhudi keşişləri də gəldilər. Onlar Peyğəmbərin ﷺ hüzurunda bir-biriləri ilə mübahisə etdilər. Rafi ibn Hureymələ xaçpərəstlərə: “Siz heç bir şeyə əsaslanmırsız”, – deyərək İsanı (ona salam olsun) və İncili inkar etdi. Nəcranlı xaçpərəstlərdən bir kişi yəhudilərə: “Siz heç bir şeyə əsaslanmırsız”, – deyərək Musanın (ona salam olsun) peyğəmbərliyini və Tövratı inkar etdi. Uca Allah onların bu mübahisələrinin üstündən bu ayəni nazil etdi: “Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!” – deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar”. Uca Allah bu ayə ilə bildirir ki, onlardan hər iki qrup özlərində olan Kitabı oxuyur və inkar etdikləri peyğəmbərin doğruluğunu oxuduqları Kitabda görürlər. Yəni yəhudilər Tövrat önlərində olduğu halda İsanı (ona salam olsun) inkar edirlər. Halbuki Tövratda Allah Musanın dili ilə İsanı (ona salam olsun) təsdiq edəcəklərinə dair onlardan əhd almışdır. İncildə isə İsanın Musanı (ona salam olsun) təsdiq edəcəyinə dair vədi var və İsa Tövratın Allah qatından gəldiyini bildirir. Buna baxmayaraq, hər iki qrup digərinin sahib olduğu haqqı inkar edir.
Mucahid bu ayənin təfsirində demişdir: “İlk yəhudi və xaçpərəstlər doğru yol üzərində idilər”. Ayənin məzmunundan görünür ki, onlar söylədikləri sözün doğru olmadığını bildikləri halda, onu dediklərinə görə qınanmışlar. Bu səbəbdən Uca Allah: “Halbuki onlar Kitab oxuyandırlar” buyurur. Yəni yəhudi və xaçpərəstlərin hər biri Tövrat və İncilin gətirdiyi şəriətin bir vaxtlar qanun olduğunu yaxşı bilirlər. Lakin aralarında baş verən küfr və inad səbəbi ilə bir-birlərini inkar etdilər və pisliyə pisliklə qarşılıq verməyə çalışdılar. Necə ki İbn Abbasda da belə rəvayət olunmuşdu.
Uca Allah buyurur: “Cahillər də onların danışdığı kimi danışırlar”. Uca Allah bu ifadə ilə yəhudi və xaçpərəstlərin bir-birlərinə qarşı söylədikləri sözlə cahil olduqlarını bildirir. Bu cür ifadə eyham və işarə qəbilindəndir. Uca Allahın “Cahillər də” sözü ilə kimlərin qəsd olunduğu mübahisəlidir. ər-Rabi ibn Ənəs və Qatədə demişlər: “Yəni xaçpərəstlər yəhudilərin dedikləri kimi dedilər”. əs-Suddi isə bunların ərəblər olduğunu demişdir. Ərəblər: “Muhəmməd heç bir şeyə sahib deyil”, – deyirdilər. İbn Cərir isə bu ayənin ümumi olub və yuxarıda qeyd edilənlərin hamısına aid olduğunu demişdir. Bu rəylərdən hər hansı birini qəti olaraq təyin edəcək bir dəlil yoxdur. Bu səbəbdən ayəni yuxarıda qeyd olunanların hamısına aid etmək daha yaxşı olar. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”, yəni Uca Allah Qiyamət günü onları cəm edəcək və Öz ədalətli hökmü ilə onların arasında haqsızlıq olmadan, zərrə qədər zülm etmədən hökm verəcək. Bu ayə Uca Allahın “əl-Həcc” surəsindəki bu sözünə bənzəyir: “Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir. Çünki Allah hər şeyin şahididir!” (“əl-Həcc”, 17). Həmçinin başqa bir ayədə belə buyurur: “De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib, sonra da aramızda ədalətlə hökm verəcəkdir. O ən ədalətli Hakimdir, Biləndir” (“Səba”, 26).
əl-Bəqərə, 114
وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُولَئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
114. Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.

 
Təfsir alimləri Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərin və onların viranə qalmasına çalışanların kimlər olduğu barədə iki ayrı rəy bildirmişlər:
Birinci rəy. əl-Əufi təfsirində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyinə görə, bunlar xaçpərəstlərdir. Qatədədən rəvayət olunduğuna görə isə ayədə qəsd olunan Buxtənəssar (E. ə. 562–605-ci illərdə Babil hökmdarı olmuşdur. E. ə. 587 və 597-ci illərdə iki dəfə Qüdsə hücum edib süquta uğratmış və Beytul-Məqdisi viranə qoymuşdur). və onun silahdaşlarıdır. O, Beytul-Məqdisi (Beytul-Məqdis – Qüdsdə yerləşən məsciddir). viranə qoymuş və xaçpərəstlər də ona kömək etmişdilər.
İkinci rəy. İbn Cəririn rəvayət etdiyi görüşdür. İbn Cərir İbn Zeydin dediklərini belə rəvayət edir: “Bu ayədə nəzərdə tutulanlar müşriklərdir. Onlar Hudeybiyyə müqaviləsi bağlanan günü Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) Məkkəyə girməyə mane oldular. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Zu-Tuva adlanan yerdə qurbanını kəsmək məcburiyyətində qaldı və müşriklərlə müqavilə bağladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara dedi: “İndiyə kimi heç kim kiminsə bu Mübarək Evə gəlməyinin qarşısını kəsməmişdir. Hətta elə olurdu ki, kişi atasının və ya qardaşının qatili ilə qarşılaşırdı, lakin yenə də kimsə onun bu Evə girməsinə mane olmazdı”. Onlar dedilər: “Nə qədər ki biz burdayıq, atalarımızı Bədr günü öldürən bura gələ bilməz”. (ət-Tabəri, 1828).  
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) dediklərini rəvayət edir: “Qureyşlilər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Məscidul-Haramda və Kəbənin yanında namaz qılmasına mane oldular. Bu səbəbdən Uca Allah “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?” – ayəsini nazil etdi”. (İbn Əbu Hatim “Təfsir” 1/560. Hədis zəifdir). Sonra İbn Cərir bu iki rəydən birincisini üstün görmüş və dəlil olaraq Qureyşlilərin Kəbəni viranə qoymağa çalışmadıqlarını gətirmişdir. Rumlulara gəlincə isə, onlar Beytul-Məqdisi viranə qoymağa çalışmışlar.
Mən deyirəm: “Görünən budur ki – ən doğrusunu Allah bilir – doğru olan ikinci rəydir. Bunu İbn Zeyd və İbn Abbas (Allah ondan razı olsun) nəql etmişlər. Çünki xaçpərəstlər yəhudilərin Beytul-Məqdisdə ibadət etmələrinə mane olduğu vaxtlarda, onların dini yəhudilərin dinindən daha doğru idi və haqqa daha yaxın idilər. O vaxt yəhudilərin Allahı zikr etmələri Allah tərəfindən qəbul olunmurdu, çünki bundan əvvəl Davudun və Məryəm oğulu İsanın dili ilə lənətlənmişdilər. Bu onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Uca Allah bu xüsusda buyurur: “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir” (“əl-Maidə”, 78-79). Həmçinin Uca Allah yəhudi və xaçpərəstləri məzəmmət etdikdən sonra Peyğəmbəri ﷺ və səhabələrini Məkkədən çıxaran və Məscidul-Haramda ibadət etmələrinə mane olan müşrikləri məzəmmət etməyə başlayır. İbn Cəririn “Qureyşlilər Kəbəni viran qoymağa çalışmamışlar” fikirinə gəlincə, onların etdiklərindən daha böyük viranəlik nə ola bilərdi? Peyğəmbəri ﷺ və səhabələrini Məkkədən çıxardılar, oraya bütləri və Allaha şərik qoşduqları heykəlləri qoymaqla Məkkəni ələ keçirdilər. Necə ki bu xüsusda Uca Allah buyurur: “Onlar Məscidul-Haramın xidmətçiləri olmadıqlarına baxmayaraq, möminləri oraya buraxmadıqları halda, Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir” (“əl-Ənfal”, 34). “Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (“Tövbə”, 17-18); “O kafirlər sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik” (“əl-Fəth”, 25)”.
Uca Allah buyurur: “Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (“Tövbə”, 18). Kəbədən möminləri qovub onların oraya girməsinə mane olmaqdan daha böyük viran etmə nə ola bilər? Məscidlərin abadlığı dedikdə, sadəcə, onların bəzədilməsi və gözəl formaya salınması nəzərdə tutulmur. Əksinə, məscidlərin abadlığı Allahın adının orada zikr edilməsi, şəriətinin tətbiq olunması və natəmizliklərdən və şirkdən təmizlənməsidir.
Uca Allah buyurur: “Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər”. Bu, əmr mənasını verən nəqli cümlədir, yəni gücünüz çatsa, onların məscidə yalnız sizinlə sülh bağladıqları və ya sizə cizyə verdikləri halda girmələrinə icazə verin! Bu səbəbdən Peyğəmbər ﷺ hicrətin doqquzuncu ilində Məkkəni fəth etdikdə əmr etdi ki, Mina vadisində (insanlara) elan edilsin ki, “gələn ildən başlayaraq heç bir müşrik həcc ziyarətinə gəlməyəcək və heç kəs lüt-üryan Kəbəni təvaf etməyəcəkdir. Kimin müqaviləsi varsa, ona müqaviləsi bitənə qədər möhlət verilir”. (əl-Buxari, 356, 369). Bu, Uca Allahın bu sözünün təsdiqi və tətbiqi idi: “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki özlərinin bu ilindən sonra Məscidul-Harama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir” (“ət-Tövbə”, 28). Bəzi alimlər demişlər: “Uca Allah bu ayə ilə möminləri müjdələyir ki, onlar Məscidul-Harama və digər məscidlərə hakim olacaqlar. Müşrikləri isə onların qarşısında zəlil edəcəkdir. Onlar Məscidul-Harama girdikdə İslamı qəbul etmədikləri təqdirdə cəzalandırılacaqlarından və ya öldürüləcəklərindən qorxacaqlar. Əvvəl qeyd etdiyimiz kimi, Uca Allah bu vədini yerinə yetirmiş və müşriklərin Məscidul-Harama girmələrini qadağan etmişdir. Peyğəmbər ﷺ Ərəbistan yarımadasında iki dinin qalmamasını, yəhudi və xaçpərəstlərin yarımadadan qovulmasını tövsiyə etmişdir. Allaha Həmd olsun! Bunun səbəbi isə Məscidul-Haramın ətrafını uca tutmaq və bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir Peyğəmbərin ﷺ göndərildiyi bölgəni təmizləməkdir. Bu, müşriklərin dünyadakı rüsvayçılıqlarıdır, çünki cəza əməlin cinsindəndir. Necə ki onlar möminlərə Məscidul-Harama daxil olmağı qadağan edirdilər, eləcə də özlərinə oraya daxil olmaq qadağan olundu. Necə ki möminləri Məkkədən qovmuşdular, eləcə də özləri Məkkədən qovuldular. “Axirətdə isə (onlar üçün) böyük bir əzab vardır”. Allahın Evinin hörmətini saxlamayıb ətrafına bütlər doldurmaqla onu hörmətdən saldıqları üçün Allahın evində Allahdan başqasına dua etdikləri, oranı çılpaq təvaf etdikləri və s. Allah və Peyğəmbərinin ﷺ xoşlamadığı bu kimi əməlləri etdikləri üçün bu baş vermişdir.
Ayədə Allahın evini Qüdsdəki Beytul-Məqdis kimi təfsir edənlərə gəlincə, bunun da ayənin ümumi mənasına daxil olması istisna edilmir. Çünki xaçpərəstlər Qüdsdə Beytul-Məqdisə zülm etmələri, yəhudilərin üz tutub dua etdikləri daşı alçaltmaları səbəbindən həm şəri baxımdan, həm də həyatda zəlil olmaqla cəzalandırıldılar. Yalnız bir müddət Allah onları Beytul-Məqdisə hakim olmaqla sınadı. Həmçinin yəhudilər də orada xaçpərəstlərin etdiklərindən qat-qat artıq Allaha asi olduqları zaman, cəzaları da xaçpərəstlərdən qat-qat artıq oldu. Ən doğrusunu Allah bilir. Bəzi alimlər ayədə onlar üçün dünyada vəd olunan rüsvayçılığı Mehdinin çıxması ilə təfsir etmişlər. Qatədə isə “rüsvayçılıq” sözünü zəlil günə qalıb öz əlləri ilə müsəlmanlara cizyə verməyə məcbur olmaqları kimi təfsir etmişdir. Doğru olan budur ki, dünyadakı rüsvayçılıq dedikdə bütün bunlardan daha geniş bir məna nəzərdə tutulur. İmam Əhməd Busr ibn Ərtadan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ belə dua edərdi: “Allahım! Bütün işlərdə aqibətimizi gözəl et, dünya rüsvayçılığından və Axirət əzabından bizi qoru!” (əl-Hakim, 6508. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 2907). Bu hədis “həsən”dir. Lakin altı Sünnə kitablarında gəlməmişdir. (Əhməd Şakir demişdir: “Musnəd (17705). Hədisi həmçinin əl-Buxari “ət-Tərixul-Kəbir” əsərində adəti üzrə hədisə işarə edərək rəvayət etmişdir (1/2/122, 123). əl-Heysəmi “Məcməuz-Zəvəid” əsərində (1/178) qeyd etmiş və hədisi Əhməd və ət-Tabəraniyə nisbət etmiş, sonra demişdir: “Əhmədin rəvayəti ilə ət-Tabəraninin rəvayətlərindən birinin sənədi etibarlı ravilərdir”).
əl-Bəqərə, 115
وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ
115. Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir.

 
Bu ayə – ən doğrusunu Allah bilir – Məkkədən çıxarılan, məscidlərindən və namazgahlarından ayrı düşən, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və  onun səhabələrinə təsəlli üçündür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Məkkədə ikən Kəbə qarşısında ola-ola Beytul-Məqdisə doğru namaz qılırdı. Mədinəyə gəldikdən sonra da on altı ay Beytul-Məqdisə tərəf namaz qıldı. Sonra Allah onu Kəbəyə doğru çevirdi. Bu səbəbdən Uca Allah: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”, – buyurur.
Əbu Ubeyd əl-Qasim ibn Səlləm özünün “ən-Nasix vəl-Mənsux” adlı əsərində İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bizə izah edildiyinə görə – Allah ən yaxşısını bilir – Quranda ilk nəsx edilən mövzu qiblə məsələsi olmuşdur. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bu səbəbdən Peyğəmbər ﷺ Qədim Evi (Kəbəni) qoyub bir müddət Beytul-Məqdisə doğru namaz qılırdı. Sonra Allah bu ayəni nəsx edərək onu Qədim Evə (Kəbəyə) doğru çevirdi və belə buyurdu: “Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidul-Harama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin” (“əl-Bəqərə”, 150)”. (Əhməd Şakir demişdir: “Hədisin isnadı səhihdir. əl-Hakim “əl-Mustədrək” əsərində İbn Cureycin yolu ilə rəvayət etmişdir (2/267). Sonra demişdir: “Hədis səhihdir, əl-Buxari və Muslimin şərtinə uyğundur, lakin bu mətnlə rəvayət etməmişlər”. əz-Zəhəbi də bununla razılaşmışdır. Lakin “əl-Mustədrək” əsərinin əlyazmasında hədisin İbn Cureycə qədər olan sənədi düşmüşdür. Bu yer kitabda ağ qalmışdır. Bu hədisi əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (1/108) qeyd etmişdir və hədisi əlavə olaraq İbn əl-Munzirə və İbn Əbu Hatimə nisbət etmişdir. İbn Əbu Hatimin rəvayətinə İbn Kəsir bu rəvayətdən sonra işarə etmişdir”. Hədis səhihdir. əl-Beyhəqi “Sunənul-Kubra” 2079, 2337; əl-Hakim, 3060. əl-Hakim və əz-Zəhəbi səhih olduğunu bildirmişlər).
İbn Əbu Hatim qiblənin dəyişməsi barədə yuxarıda keçən hədisi Əta vasitəsilə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdikdən sonra demişdir: “Həmçinin Əbul-Aliyə, əl-Həsən, Əta əl-Xorasani, İkrimə, Qatədə, əs-Suddi və Zeyd ibn Əsləmdən də buna bənzər bir rəvayət nəql edilmişdir.
İbn Cərir demişdir: “Digər alimlər belə demişlər: “Uca Allah bu ayəni Kəbəyə yönəlmə əmri gəlməmişdən əvvəl nazil etmişdir. Uca Allah bu ayəni nazil etmişdir ki, Peyğəmbərinə ﷺ və onun səhabələrinə namaz qılarkən məşriq və məğribdən istədikləri tərəfə yönələ biləcəklərini bildirsin. Çünki onlar üzlərini hansı səmtə tuturlarsa-tutsunlar, Uca Allah orada və o tərəfdədir. Gündoğan da, günbatan da Allahındır. Allahdan gizli qalan heç bir məkan yoxdur. Necə ki Uca Allah bir ayədə belə buyurur: “Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa-olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir” (“əl-Mucadələ”, 7)”. Sonra demişlər: “Sonra bu ayə Məscidul-Harama yönəlməyi əmr edən ayə ilə nəsx edilmişdir”. Bu, İbn Cəririn dediyidir. Lakin əgər İbn Cərir “Allahdan xəlvət heç bir məkan yoxdur” sözü ilə Allahın elmini nəzərdə tutmuşsa, bu doğrudur, çünki Allahın elmi bütün məlumatları ehtiva və əhatə etmişdir. Allahın Özü isə yaratdığı məxluqlarla əhatə oluna bilməz. Allah bundan Uca və Böyükdür. (Əhməd Şakir demişdir: “ət-Tabərinin sözündən yalnız doğru olan birinci məna başa düşülür. ət-Tabəri bunu “əl-Mucadilə” surəsinin təfsirində açıq-aşkar bildirmişdir (28/10, Bulaq çapı). Bu şübhə son dövrlərdə yaşayan filosofların işlətdikləri ifadələrin insanlar arasında yayılmasından irəli gəlir. İş o yerə gəlib çatıb ki, az qala ərəb dilinin sözləri öz doğru mənasını itirsin”).  
İbn Cərir demişdir: “Digərləri demişlər: “Bu ayə Peyğəmbərə ﷺ səfərdə, şiddətli döyüş və təhlükə halında nafilə namazı qılarkən şərqə və ya qərbə yönələ bilməsinə Allah tərəfindən bir icazə olaraq nazil edilmişdir”. Sonra İbn Cərir İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, o, miniyi hara yönəlsə, o tərəfə namaz qılar və Peyğəmbərin ﷺ də belə etdiyini deyərdi. İbn Ömər (Allah ondan razı olsun) bu sözünü “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsi ilə əsaslandırırdı. Bu hədisi Muslim, ət-Tirmizi, ən-Nəsəi, İbn Əbu Hatim və İbn Mərdəveyh rəvayət etmişlər. (Muslimin “Səhih” əsəri (1/195). Hədisi həmçinin Əhməd “Musnəd” əsərində rəvayət etmişdir (4714, 5001), (Əhməd Şakir). Bu hədisin əsli əl-Buxari və Muslimin “Səhih” əsərlərində ayə zikr edilmədən Abdullah ibn Ömər və Amir ibn Rabiədən (Allah onlardan razı olsun) rəvayət olunmuşdur. əl-Buxarinin “Səhih”ində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, ondan qorxu namazı barədə soruşulduqda o bu namazı vəsf edər, sonra deyərdi: “Əgər qorxu bundan daha çox olsa, ayaq üstə gedə-gedə və minik üstündə qibləyə yönələrək və ya yönəlmədən namazlarını qılardılar”. Nafi demişdir: “Abdullah ibn Ömər bunu Peyğəmbərdən ﷺ nəql etmişdir”. (əl-Buxari, 4171, 4535).  
İbn Cərir demişdir: “Digərləri isə demişlər: “Bu ayə qiblənin hansı istiqamətdə olduğunu bilməyən və müxtəlif istiqamətlərə tərəf namaz qılan bir toplum səbəbindən nazil olmuşdur. Uca Allah da onlara: “Yer üzünün hər tərəfi Mənimdir, üzünüzü hara tutsanız, Mənim Üzüm oradadır. Sizin qibləniz də oradır və namazlarınız keçərlidir”, – demişdir. [Sonra İbn Cərir bu məsələ ilə əlaqəli ət-Tabərinin rəvayət etdiyi zəif hədisi qeyd etmişdir və İbn Kəsir bu hədisin olduqca zəif olduğunu bəyan etmişdir.] ət-Tirmizinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Gündoğanla günbatanın ortası qiblədir”. (İbn Məcə, 1011; ət-Tirmizi, 342. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 292). ət-Tirmizi demişdir: “Hədis həsən-səhihdir. (ət-Tirmizi (1/344) (2/173, bizim şərh etdiyimiz). Həmçinin İbn Məcə rəvayət etmişdir. əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (1/109) hədisi İbn Əbu Şeybəyə nisbət etmişdir. (Əhməd Şakir). Ömər ibn əl-Xattab, Əli, İbn Abbas (Allah onlardan razı olsun) və s. bu kimi bir çox səhabələrdən “Gündoğanla günbatanın ortası qiblədir” mənalı hədislər rəvayət olunmuşdur. İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Qibləyə yönəlmək istədikdə günbatanı sağında, gündoğanı da solunda tutsan, ortası qiblədir”. (Əhməd Şakir demişdir: “Hədisi əl-Hakim (1/105) İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Gündoğanla günbatanın ortası qiblədir”. əl-Hakim hədisin səhih olub əl-Buxari və Muslimin şərtində olduğunu demişdir. əz-Zəhəbi bununla razılaşmışdır. Həmçinin hədisi əd-Dəraqutni və əl-Beyhəqi rəvayət etmişlər.
Hədisin mətni bir tərəfdən ümumi, digər tərəfdən də xüsusidir. Ümumi olmasına səbəb budur ki, qiblədən sağa meyil edən üçün qibləni axtarmağı asanlaşdırır. Belə ki qibləni axtaran üçün qiblə istiqamətinə yönəlmək kifayətdir. Mədinə və Yəmən kimi Məkkədən şimal və cənub istiqamətlərdə yerləşən ərazilərdən qibləni müəyyən edən üçün isə hədis xüsusidir. Məkkədən şərq istiqamətində olanlar isə qibləni müəyyən etmək üçün qərbə yönəlməlidirlər. Şərq və qərbin və ya şimal və cənubun arasında olanlar isə Məkkə istiqamətinə yönəlməlidirlər. Bu, açıq-aydın bir məsələdir və bu məsələdə dəlilə ehtiyac yoxdur. (Əhməd Şakir).
İbn Cərir demişdir: “Bu ayə “üzünüzü dua edərkən hara çevirsəniz, Mənim Üzüm oradadır və sizin duanızı qəbul edərəm” – mənasında da ola bilər”. Sonra İbn Cərir Mucahidin belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim” ayəsi nazil olduqda səhabələr dedilər: “(Üzümüzü) hara çevirək?” Bu səbəbdən “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsi nazil oldu”. İbn Cərir demişdir: “Uca Allahın “Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir” sözünün mənası budur ki, Uca Allah qullarını yetərincə lütf və səxavəti ilə əhatə etmişdir. “Biləndir”, yəni qullarının bütün əməllərindən xəbərdardır. Onun elmindən heç bir şey gizli qalmaz. O hər bir şeyi bütünlüklə biləndir.
əl-Bəqərə, 116-117
وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا سُبْحَانَهُ بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَهُ قَانِتُونَ * بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
116. Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.
117. Göyləri və yeri yoxdan var edən Odur. O bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.

 
Bu (Yəni 117-ci ayə). və bundan sonrakı ayə mələklərin Allahın qızları olduğunu zənn edən xaçpərəstlərə, bu şeydə onlara bənzəyən yəhudilərə və ərəb müşriklərinə cavabı ehtiva etmişdir. Uca Allah onların hamısını bu iddialarında və “Allah Özünə oğul götürdü” demələrində yalançı olduğunu bildirərək buyurur: “O, pakdır, müqəddəsdir!”, yəni Allah onların söylədiklərindən çox uzaq və çox ucadır. “Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur”, yəni məsələ heç də onların uydurduqları kimi deyil. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onları idarə edən Odur. Onları yaradan, ruziləndirən, ruzilərini müəyyən edən, onlar üçün ram edən, asanlaşdıran və istədiyi kimi idarə edən Odur. Hamı Onun quludur və mülküdür. Bu yaratdıqları Ona necə övlad ola bilər? Övlad yalnız bir-birinə uyğun olan iki varlıqdan doğula bilər. Xeyirxah və Uca olan Allahın isə bənzəri yoxdur. Əzəmətliliyində, Böyüklüyündə Onun ortağı yoxdur, Onun zövcəsi də yoxdur. Elə isə Onun övladı necə ola bilər? Necə ki Uca Allah belə buyurur: “O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda, övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O hər şeyi bilir” (“əl-Ənam”, 101) Başqa bir ayədə belə buyurur: “Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!” – dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək” (“Məryəm”, 88–95). “İxlas” surəsində isə belə buyurur: “De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur” (“İxlas”, 1–4).
Uca Allah bu ayədə (göylərin və yerin) ən uca sahibi olduğunu, bənzərinin və oxşarının olmadığını və Ondan başqa bütün şeylərin yaradılmış olduğunu bildirir. Bu səbəbdən yaratdıqlarından Onun necə övladı ola bilər? əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Uca Allah buyurur: “Adəm övladı Məni yalançı sayır, halbuki bunu etməyə onun haqqı yoxdur, habelə o Məni təhqir edir, halbuki buna da onun haqqı yoxdur. Məni yalançı sayması onu öldürdükdən sonra yenidən yaradacağımı təkzib etməsidir, Məni təhqir etməsi isə Mənə övlad isnad etməsidir. Halbuki Mən pak və müqəddəsəm, Özümə zövcə və ya övlad götürməkdən uzağam!” (əl-Buxari, 4122, 4482). Bu hədisi bu şəkildə yalnız əl-Buxari rəvayət etmişdir. (Fəthul-Bari (8/128), (Əhməd Şakir). İbn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Uca Allah buyurur: “Adəm övladı Məni yalançı sayır, halbuki bunu etməyə onun haqqı yoxdur, habelə o Məni təhqir edir, halbuki buna da onun haqqı yoxdur. Məni yalançı sayması “Allah məni yoxdan var etdiyi kimi dirildə bilməyəcək” deməsidir. Halbuki (onun zənn etdiyi kimi) Mənim üçün yoxdan var etmək yenidən diriltməkdən daha asan deyil (onu yoxdan var etmək də, yenidən diriltmək də Mənim üçün eynidir, asandır). Məni təhqir etməsi isə “Allah Özünə övlad götürmüşdür” deməsidir. Mən Allaham. O Allah Təkdir! Allah Möhtac deyildir. O nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (Bu hədisi də həmçinin əl-Buxari rəvayət etmişdir (8/568). əs-Suyuti “əd-Durrul-Mənsur” (1/109) əsərində hədisi əl-Buxari və Muslimə, habelə əl-Beyhəqinin “əl-Əsmə vəs-Sifət” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). əl-Buxari və Muslimin rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “(Özü haqda) eşitdiyi nalayiq sözlərə Allahdan daha çox səbir edən bir kimsə, yaxud bir məxluq yoxdur. Belə ki (qulları) Ona övlad isnad edirlər, O isə onlara cansağlığı və (çoxlu) ruzi bəxş edir”. (əl-Buxari (13/305, Fəthul-Bari), Muslim (2/344) Əbu Musa əl-Əşarinin (Allah ondan razı olsun) hədisindən. (Əhməd Şakir).
Uca Allah buyurur: “Hər şey Ona baş əyir”. İkrimə demişdir: “Yəni Allahın qulu olduqlarını etiraf edərlər”. Səid ibn Cubeyr demişdir: “Yəni ixlas ilə Ona bağlanırlar”. Mucahid demişdir: “Yəni hər şey Ona itaət edir. Kafirin itaəti isə istəməyə-istəməyə kölgəsinin Allaha səcdə etməsidir”. Mucahidin bu sözü – İbn Cərir də bunu seçmişdir – bütün rəyləri cəm edir. Belə ki “baş əymək” Allaha itaət etmək, Ona təslim olmaq deməkdir. Bu isə həm şəri (şəriətlə buyurulan) və həm də qədəri (Allah tərəfindən məxluqatın fitrətində yaradılan) olur. Necə ki Uca Allah buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (“ər-Rad”, 15).
Uca Allah buyurur: “Göyləri və yeri yoxdan var edən Odur”, yəni daha əvvəl misli olmayan bir şəkildə xəlq edəndir. Mucahid və əs-Suddi də belə demişlər. Ərəb dilinə uyğun olan da budur. Bu səbəbdən sonradan meydana gətirilən bir şeyə بِدْعَةٌ [bidət] (dində yenilik) deyilir. Muslimin “Səhih” əsərində gələn hədisdə deyilir: “(Dinə edilən) hər bir yenilik bidətdir”. (Muslim, 867). Bidət iki qisimdir. Bəzən “bidət” dedikdə şəri mənası (dində edilən bidət) nəzərdə tutulur. Necə ki “(Dinə edilən) hər bir yenilik bidətdir. Hər bir bidət isə zəlalətdir” hədisində deyildiyi kimi. Bəzən də “bidət” dedikdə lüğəti məna nəzərdə tutulur. Möminlərin əmiri Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) müsəlmanları təravih namazında (bir imam arxasında) yığıb, onların da bunu davam etmələrini gördükdə: “Bu nə gözəl bidətdir!?” – deməsi kimi. (İmam Malik rəvayət edir ki, Abdur-Rahmən ibn Abdil-Qari demişdir: “Ömər bin əl-Xattab (Allah ondan razı olsun) ilə birlikdə Ramazanda bir gecə məscidə çıxdıq və insanları qruplara parçalanmış halda gördük. Kimsə özü üçün namaz qılır, kimsə də arxasında camaatla birlikdə qılırdı. Bu səbəbdən Ömər (Allah ondan razı olsun) dedi: “Mən belə düşünürəm ki, bunları bir imam arxasında toplasam, daha gözəl olar”. Sonra əzm etdi və onları Ubeyy bin Kəbin (Allah ondan razı olsun) arxasında topladı. Sonra başqa bir gecə onunla birlikdə çıxdım və insanların onlar üçün müəyyən edilmiş imamın arxasında namaz qıldıqlarını gördük. Ömər (Allah ondan razı olsun) dedi: “Bu nə gözəl bidətdir?! Gecənin əvvəlini yatıb, son üçdə biri qalxıb bu namazı qılanlar gecənin əvvəlində qılanlardan daha fəzilətlidirlər”. Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) topladığı camaat gecənin əvvəli qılırdılar”. Malik “əl-Muvatta” 250, 303. Hədis səhihdir. Bax: Salətut-Təravih, 1/49-50). İbn Cərir demişdir: “Göyləri və yeri icad edən Odur”, yəni yoxdan var edənidir. بَدِيعٌ [bədi:un] “icad edən” sözü مُفْعِلٌ [muf'ilun] formasının فَعِيلٌ [fəi:lun] formasına çevrilmiş variantıdır. Belə çevrilməyə مُؤْلِمٌ [mu'limun] “ağrılı-acılı” sözünün çevrilib أَلِيمٌ [əli:mun] olmasını və مُسْمِعٌ [musmiun] “eşidən” sözünün çevrilib سَمِيعٌ [səmi:un] olmasını misal gətirmək olar. البَدِيعُ [əl-bədi:u] “icad edən” sözünün mənası daha əvvəl heç kəsin düzəltmədiyi bir şeyi təsis edən, yaradan deməkdir. Bu səbəbdən dinə yenilik gətirən şəxs الْمُبْتَدِعُ [əl-mubtədiu] “bidətçi” adlanır, çünki o, əvvəllər heç kəsin etmədiyi bir şeyi etmişdir. Həmçinin əvvəl heç kəsin demədiyi və ya etmədiyi bir şeyi deyəni və ya edəni ərəblər الْمُبْتَدِعُ [əl-mubtədiu] “bidətçi” adlandırırlar.
İbn Cərir demişdir: “Ayənin mənası belədir: “Allah pak və müqəddəsdir! Onun necə övladı ola bilər? O, göylərdə və yerdə olanların sahibidir. Göydə və yerdə olan hər şey Allahın təkliyinə şahidlik edərək Ona itaət edir. O hər şeyi yaradan, yoxdan var edəndir. O bu varlıqları yaratmaq üçün heç nədən nümunə götürməmişdir. Allah bu ayədə qullarına bildirir ki, Ona oğul nisbət etdikləri Məsih də şahidlik edir ki, göyləri və yeri yoxdan var edən Odur. Allah bildirir ki, göyləri və yeri yoxdan və daha əvvəl misli olmadan var edən Allah Məsihi də öz qüdrəti ilə atasız var etmişdir”. İbn Cəririn bu sözü gözəl və doğru bir sözdür.
Uca Allah buyurur: “O bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar”. Bununla Uca Allah qüdrətinin kamilliyini, hökmranlığının əzəmətini bəyan edir. Bir işin olacağını əvvəlcədən müəyyən edərsə və baş verməsini istəyərsə, ona yalnız bir dəfə “Ol!” – deyər, o da olar”. Yəni o da Onun istədiyinə uyğun şəkildə var olar. Necə ki Uca Allah buyurur: “Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” – deyər, o da olar” (“Yasin”, 82). “Biz bir şeyi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyirik, o da olur” (“Nəhl”, 40). “Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir” (“əl-Qəmər”, 5). Həmçinin bu ayə ilə Uca Allah İsanı (ona salam olsun) da yalnız “Ol” kəlməsi ilə yaratdığını bildirir. O da Allahın əmr etdiyi kimi olmuşdur. Bu xüsusda Uca Allah buyurur: “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu” (“Ali-İmran”, 60).
əl-Bəqərə, 118
وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ
118. Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onlardan əvvəlkilər də elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.

 
Muhəmməd ibn İshaq İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Rafi ibn Hureymilə Peyğəmbərə ﷺ dedi: “Ey Muhəmməd! Əgər, dediyin kimi, Allah tərəfindən göndərilən peyğəmbərsənsə, o zaman Allaha de ki, bizimlə danışsın və biz də danışığını eşidək!”. Bu səbəbdən Uca Allah “Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” – ayəsini endirdi”. (Hədis zəifdir. Bax: əz-Zəhəbi “Mizanul-İtidəl” 4/26; İbn Həcər “ət-Təqrib” 2/205). Mucahid demişdir: “Bu sözü deyənlər xaçpərəstlərdir”. İbn Cərir də bu fikri seçmiş və demişdir: “Çünki ayənin məzmunu onlar haqqındadır”. Lakin bu rəyə yenidən nəzər yetirmək lazımdır.
Əbul-Aliyə, Rabi ibn Ənəs, Qatədə, əs-Suddi bu ayənin təfsirində belə demişlər: “Bu, ərəb kafirlərinin sözüdür. “Onlardan əvvəlkilər də elə onlar kimi danışırdılar”. Bunlar isə yəhudilər və xaçpərəstlərdir”. Bu rəyi, yəni söyləyənlərin ərəb müşrikləri olduğunu Uca Allahın bu ayələri gücləndirir: “Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”, – dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər” (“əl-Ənam”, 124). “Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca, yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam” (“əl-İsra”, 90–93). “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər” (“əl-Furqan”, 21). Həmçinin bu ayəsi: “Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir” (“əl-Muddəssir”, 52). Bu və bundan başqa ərəb müşriklərinin küfrünə, asiliklərinə, inadkarlıqlarına və yersiz sual verdiklərinə dəlalət edən bir çox digər ayələr var. Həmçinin onlardan əvvəl gəlib keçən Tövrat və İncil verilmiş ümmətlər və digərləri də belə demişlər. Necə ki Uca Allah bu xüsusda başqa ayələrdə belə buyurur: “Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”- demişdilər” (“ən-Nisa”, 153). Başqa bir ayədə belə buyurur: “O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”- dediniz” (“əl-Bəqərə”, 55).
Uca Allah buyurur: “Onların qəlbləri bir-birinə oxşayır”, yəni ərəb müşriklərinin ürəkləri küfrdə, inadda və asilikdə özlərindən əvvəl keçənlərin ürəyinə bənzəmişdir. Necə ki Uca Allah bu mənada belə buyurur: “Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”- deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır” (“əz-Zəriyət”, 52–53).
Uca Allah buyurur: “Biz yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik”, yəni Biz peyğəmbərin doğruluğunu göstərən dəlilləri açıqladıq. Artıq bu dəlillərin üstündən yəqinliklə inanan, peyğəmbərləri təsdiqləyən, onlara tabe olub, Allahdan gətirdiklərini dərk edənlər üçün başqa bir suala və ya hər hansı bir əlavəyə ehtiyac yoxdur. Allahın qəlblərini möhürlədiyi və gözlərinə pərdə çəkdiyi kəslərə gəlincə, onlar barədə Uca Allah belə buyurur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər” (“Yunus”, 96-97).
əl-Bəqərə, 119
إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ
119. Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.

 
İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Mənə “Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik” ayəsi nazil oldu. Mən Cənnətlə müjdələyən və Cəhənnəmlə qorxudan olaraq göndərilmişəm”. (Əhməd Şakir demişdir: “Hədisin isnadı o qədər də güclü deyil. Sənədində Abdur-Rahmən ibn Muhəmməd ibn Ubeydullah əl-Fəzəri əl-Ərzəmi var. İbn Əbu Hatim (2/2/282) atasının onun barədə “Hədis rəvayətində güclü deyil”, dediyini rəvayət etmişdir. “Lisənul-Mizən” kitabında (3/428-429) bildirilir ki, əd-Daruqutni onun zəif olduğunu bildirmişdir. İbn Hibban onu öz “əs-Siqat” əsərində qeyd etmişdir. Çox güman ki, hədis İbn Abbasın (Allah ondan razı olsun) sözüdür”. İbn Əbu Hatim “Təfsir” 1148-1149).  
Uca Allah buyurur: “Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan”. Quran qiraətçilərinin əksəriyyəti bu ayəni وَلاَ تُسْأَلُ [və lə tus'əlu] “tə” hərfini dammalı (“u” saiti ilə) “sən sorğu-sual olunmayacaqsan” kimi oxumuşlar. Digərləri isə وَلاَ تَسْأَلْ [və lə təs'əl] “tə” hərfini fəthəli (“ə” saiti ilə) inkarlı əmr formasında “soruşma!” kimi oxumuşlar. Yəni “Cəhənnəm sakinlərinin halı barəsində soruşma!” (Əhməd Şakir demişdir: “Bu, Nafinin qiraətidir. Birinci isə yerdə qalan yeddi qiraətin oxunuşudur. Sonra İbn Kəsir burada olduqca zəif olan iki mursəl hədis qeyd etmişdir. Rəvayətlərdən biri Abdur-Razzəqin, digəri isə ət-Tabərinin rəvayətidir. Rəvayətə görə, bu ayənin nazilolma səbəbi Peyğəmbərin ﷺ ata-anası barədə soruşması olmuşdur. Sonra əl-Qurtubidən rəvayət etmişdir ki, Allah Peyğəmbərin ﷺ ata-anasını diriltmiş və onlar iman gətirmişlər. Sonra İbn Kəsir demişdir: “Peyğəmbərin ﷺ ata-anasının dirilməsi barədə gələn hədis altı Sünnə kitabında yoxdur. Hədisin isnadı zəifdir”. Doğru olan da İbn Kəsirin dediyi kimidir. İbn Kəsirin əl-Qurtubidən nəql etdiyi hədis və ona cavabı “əl-Əzhəriyyə” əlyazmasında yoxdur”).  
İmam Əhməd ibn Hənbəl Əta ibn Yəsərin belə dediyini rəvayət edir: “Bir dəfə mən Abdullah ibn Amr ibn əl-Asa (Allah ondan razı olsun) rast gəldim və ondan Peyğəmbərin ﷺ Tövratdakı vəsfi barədə soruşdum. O dedi: “Bəli, vallahi ki, o, Quranda vəsf edildiyi kimi, Tövratda da vəsf edilmişdir: “Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi, xəbərdar edən” və ümmiləri müdafiə edən olaraq göndərdik. Sən Mənim qulum və rəsulumsan. Sənə “Mutəvəkkil” (Təvəkkül edən) adını verdim. O Peyğəmbər nə sərtürəkli, nə kobud, nə də bazarda qışqır-bağır salan birisi deyil; pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayar. Onun vasitəsilə əyri yolda olan xalq “Lə iləhə illəllah” deyib düzəlməyincə Allah onu Öz yanına aparmaz və o bu (tövhid kəlməsi) sayəsində kor gözləri, kar qulaqları və bağlı qəlbləri açar”. (əl-Buxari, 1981, 2125). Sünnə kitablarından yalnız əl-Buxari bu hədisi rəvayət etmişdir. Həmçinin İbn Mərdəveyh rəvayət etmişdir. (Əhməd Şakir demişdir: “Musnəd (6622), əl-Buxari (4/287-288, Fəthul-Bari), əl-Ədəbul-Mufrad (səh. 38-39), Tabəqat İbn Səd (1/2/88). İbn Kəsir həmçinin “əl-Əhzab” surəsinin 54-cü ayəsinin təfsirində “Musnəd”də gələn rəvayəti qeyd etmişdir. Əlavə olaraq hədisi İbn Əbu Hatimə də nisbət etmişdir. Həmçinin ət-Tabərinin rəvayəti ilə “əl-Əraf” surəsinin 157-ci ayəsinin təfsirində qeyd etmişdir”).
əl-Bəqərə, 120-121
وَلَنْ تَرْضَى عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ * الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَئِكَ يُؤْمِنُونَ بِهِ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَئِكَ هُمُ الْخَاسِرُونَ
120. Sən onların dininə tabe olmayınca nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.
121. Kitab verdiyimiz kəslərdən onu layiqincə oxuyanlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.

 
İbn Cərir demişdir: “Uca Allah “Sən onların dininə tabe olmayınca nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar” ayəsi ilə deyir ki,  “Ey Muhəmməd, nə yəhudilər, nə də xaçpərəstlər heç vaxt səndən razı qalmayacaqlar. Elə isə sən də onları razı salmaq, onlarla razılaşmaq istəyini tərk et. Onları Allahın sənə göndərdiyi haqqa çağırarkən Allahın razılığını qazanmağa çalış”.
Uca Allah buyurur: “De: “Yalnız Allahın haqq yolu doğru yoldur!”, yəni “Ey Muhəmməd, de ki, əsl hidayət Allahın mənə göndərdiyi doğru yoldur”. Yəni bu yol dümdüz, doğru, mükəmməl və hər şeyi əhatə edən bir dindir. [Qatədə demişdir: “Bildiyimə görə, Peyğəmbər ﷺ belə demişdir: “Bu ümmətdən bir toplum Allahın əmri gəlincəyə qədər (Qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq və belələrinə müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər”. (əl-Buxari, 69,71)]
Uca Allah buyurur: “Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar”. Bu ayədə Uca Allah İslam ümmətini Quran və Sünnəni (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - hədislərini) öyrəndikdən sonra, yəhudi və xaçpərəstlərin yoluna tabe olmaqdan çəkindirərək tabe olanları şiddətli bir əzabla qorxudur. Belə bir haldan Allaha sığınırıq. Ayədə xitab Peyğəmbərə ﷺ olmaqla bərabər, İslam ümmətinə ünvanlanır.
Uca Allah buyurur: “Kitab verdiyimiz kəslərdən onu layiqincə oxuyanlar...”. Ayənin təfsiri ilə bağlı Qatədə demişdir: “Bunlar yəhudi və xaçpərəstlərdir”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləmin rəyi də belədir. İbn Cərir də bu rəyi seçmişdir. Həmçinin Qatədədən rəvayət olunur ki, bunlar Peyğəmbərin ﷺ səhabələridir. Əbul-Aliyə İbn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Canım əlində olan Allaha and olsun ki, Kitabı layiqincə oxumaq halal etdiyini halal, haram etdiyini isə haram etməkdir. Habelə Kitabı Allahın nazil etdiyi şəkildə oxuyub, sözlərin yerini dəyişdirməmək və heç bir sözü Allahın nəzərdə tutduğu mənadan başqa məna ilə şərh etməməkdir”. İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə belə demişdir: “...onu layiqincə oxuyanlar”, yəni ona lazımi şəkildə tabe olarlar”. Sonra bu ayəni misal gətirdi: “And olsun ondan sonra zühur edən aya!” (“əş-Şəms”, 2). Yəni “günəşin ardınca gələn aya” deməkdir”. (İbn Abbasın (Allah ondan razı olsun) bu ayəni misal gətirməsinə səbəb budur ki, həm “əş-Şəms” surəsindəki ayədə, həm də “Onu layiqincə oxuyurlar” ayəsində eyni feil – تَلا (tələ) feili – işlənmişdir. Bu feil həm “oxumaq”, həm də “ardınca gəlmək, tabe olmaq” mənasını verir. İbn Abbas (Allah ondan razı olsun) burada feilin ikinci mənasını nəzərdə tutduğu üçün bu ayəni misal gətirmişdir). Əta və Mucahiddən də buna bənzər bir rəvayət nəql edilmişdir.
Uca Allahın “ona iman gətirənlərdir” sözü “Kitab verdiyimiz kəslərdən onu layiqincə oxuyanlar” ifadəsinin xəbəridir. Yəni ey Muhəmməd! Bil ki, əvvəlki peyğəmbərlərə endirilmiş kitablardan özlərinə aid olana doğru-düzgün əməl edən Kitab əhli sənə endirdiyimizə də inanarlar. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər” (“əl-Maidə”, 66). Yenə eyni surənin başqa bir ayəsində buyurur: “De: “Ey Kitab əhli! Nə qədər ki Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz” (“əl-Maidə”, 68). Yəni əgər siz Tövrat və İncili doğru-düzgün tətbiq edib, ona tam olaraq iman gətirsəniz, orada Muhəmmədin ﷺ peyğəmbər olaraq göndəriləcəyinə, vəsflərinə və xüsusiyyətlərinə dair verilən xəbərləri təsdiqləsəniz, ona tabe olmaq, yardım etmək və dəstəkləmək barədə əmrə tabe olsanız, bu sizi həm haqqa aparar, həm də dünya və axirətdə xeyirə nail olmağınıza səbəb olar. Necə ki Uca Allah belə buyurur: “O kəslər ki yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər” (“əl-Əraf”, 157). Başqa bir ayədə isə belə buyurur: “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”- deyirlər” (“əl-İsra”, 107-108). Yəni Rəbbimizin Muhəmməd peyğəmbər ﷺ barədə bizə verdiyi vədi mütləq həyata keçəcəkdir. Başqa bir ayədə isə Uca Allah belə buyurur: “Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”- deyirlər” (“əl-Qasas”, 52-53). “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür” (“Ali-İmran”, 20). Bu səbəbdən Uca Allah ayədə: “Onu inkar edənlər isə ziyana uğrayanlardır”, – buyurur. Necə ki başqa bir ayədə: “Onu inkar edən firqələrin vəd olunduğu yer oddur” (“Hud”, 17), buyurur. “Səhih” əsərində gələn hədisdə Peyğəmbər ﷺ demişdir: “Muhəmmədin canı Əlində Olana and olsun ki, bu ümmətdən hər (hansı) bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndərilənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəmə düşər”. (Hədis Muslimin “Səhih” əsərində buna yaxın mətnlə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunmuşdur (1/53-54), (Əhməd Şakir).
Bu hədis Muhəmməd Peyğəmbərin ﷺ göndərilməsi ilə əvvəlki şəriətlərin hamısının nəsx olunduğuna dəlalət edir. Belə ki Uca Allah Öz qullarından ancaq İslam dinini qəbul edir. Uca Allah buyurur: “Həqiqətən, Allah yanında (qəbul olunan) din – İslamdır!” (“Ali-İmran”, 19); “Hər kim İslamdan başqa bir dinin dalınca gedərsə, o (din) heç vaxt ondan qəbul olunmaz və o kimsə Axirətdə ziyana uğrayanlardan olar” (“Ali-İmran”, 85).
Hədisdən o da aydın olur ki, bu dindən xəbəri olmayan, özünə İslam dəvəti çatmamış hər kəs üzrlü sayılır. Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü dörd sinif insan imtahan olunacaq: heç bir şey eşitməyən kar, dəli, ağlını itirmiş qoca və bir də özünə dəvət gəlib çatmamış ölən kimsə. Kar deyəcək: “Ey Rəbbim! İslam gəldikdə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “Ey Rəbbim! İslam gəldikdə balaca uşaqlar mənə peyin atırdılar”. Ağlını itirmiş qoca deyəcək: “Ey Rəbbim! İslam gəldikdə mənim ağlım kəsmirdi”. Özünə dəvət gəlib çatmamış ölən kimsə deyəcək: “Ey Rəbbim! Sənin elçilərindən heç biri mənim yanıma gəlməmişdir”. Allah onlardan Ona itaət edəcəkləri barədə əhd aldıqdan sonra onlara xəbər göndərəcək ki, Oda girsinlər. Muhəmmədin canı Əlində olana (Allaha) and olsun ki, əgər onlar Oda girsələr, bu onlar üçün sərin və zərərsiz olar” (İmam Əhməd, 16344. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1434).
əl-Bəqərə, 122-123
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ * وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَلَا هُمْ يُنْصَرُونَ
122. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək.

 
“əl-Bəqərə” surəsinin əvvəlində bu ayəyə bənzər bir ayə keçmişdir. (“əl-Bəqərə” surəsinin 47-ci ayəsi. (Əhməd Şakir). Burada təkrarın məqsədi əvvəlki ayəni gücləndirməkdir. Həmçinin yəhudi və xaçpərəstlərin öz Kitablarında vəsfini, adını, əlamətlərini, edəcəyi əməlləri və ümməti haqqında yazılmış olduğunu gördükləri elçiyə – yazıb-oxumaq bilməyən Peyğəmbərə ﷺ tabe olmağa təşviq etmək üçün təkrarlanmışdır. Eyni zamanda Uca Allah bu ayə ilə onları özlərinə nemət olaraq bildirdiyi bu həqiqətləri gizlətməkdən çəkindirir. Uca Allah onlara bəxş etdiyi dünyəvi və dini nemətləri xatırlamağı əmr edir. Son Peyğəmbəri ﷺ onların əmisi oğlanları olan ərəblərdən çıxartmaqla onlara verdiyi nemətinə həsəd aparmamağı əmr edir ki, bu həsəd onları Peyğəmbəri ﷺ təkzib etməyə, ona qarşı çıxmağa və ona tabe olmaqdan üz çevirməyə vadar etməsin. Allahın salavatı və salamı Qiyamət gününə qədər daim son Peyğəmbərin üzərinə olsun!
{h:}əl-Bəqərə, 124
{ar:}
وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ
{az:}124. Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”- dedi. İbrahim: “Nəslimdən də (imam et)!”- dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”- dedi.

 
Uca Allah bu ayədə sevimli dostu İbrahimin (ona salam olsun) yüksək məqamına diqqət çəkərək onu tövhid mövzusunda insanlar üçün tabe olunacaq bir imam etdiyini bildirir. İbrahim (ona salam olsun) Allahın onu mükəlləf etdiyi əmr və qadağaları yerinə yetirmişdir. Bu səbəbdən Uca Allah: “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o bunları tamamilə yerinə yetirdi”, – buyurur. Yəni ey Muhəmməd, özlərini İbrahimin (ona salam olsun) millətindən sayan, lakin onun millətindən olmayan müşriklərə və Kitab əhlinə (yəhudi və xaçpərəstlərə) İbrahimin sınağını xatırlat. Əslində isə İbrahimin (ona salam olsun) millətindən olanlar və doğru-düzgün şəkildə ona tabe olanlar, sən və səninlə birlikdə olan möminlərdir. Müşriklərə və Kitab əhlinə İbrahimin (ona salam olsun) sınağını, yəni Uca Allahın onu əmr və qadağalarla imtahana çəkdiyini xatırlat. “O bunları tamamilə yerinə yetirdi”, yəni İbrahim (ona salam olsun) də Allahın bütün buyurduqlarını yerinə yetirmişdi. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?” (“ən-Nəcm”, 37). Yəni İbrahim (ona salam olsun) ona buyurulanların hamısını yerinə yetirmiş və onlara əməl etmişdi. Allahın salavatı və salamı onun üzərinə olsun. Uca Allah başqa bir ayədə belə buyurur: “Həqiqətən, İbrahim Allaha müti olan hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi” (“ən-Nəhl”, 120–123). “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı” (“əl-Ənam”, 161). “İbrahim nə yəhudi, nə də nəsrani idi. O ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır” (“Ali-İmran”, 67-68).
Uca Allah buyurur: “Bəzi kəlmələrlə”, yəni “şəriət ehkamları, əmrlər və qadağalar ilə”. Quranda “kəlmələr” dedikdə bəzən (insanın şəxsi iradəsindən asılı olmayaraq baş verən) qədəri hadisələr nəzərdə tutulur. Necə ki Uca Allah Məryəmdən (ona salam olsun) bəhs edərkən belə buyurur: “Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz onun paltarının yaxasında olan kəsiyinə Öz ruhumuzdan üfürdük. O, Rəbbinin kəlimələrini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (“Təhrim”, 12). Bəzən isə “kəlmələr” dedikdə (seçim etməkdə insanın iradəsinə buraxılan) Allahın buyurduğu şəriət ehkamları nəzərdə tutular. Necə ki Uca Allah bu ayədə buyurur: “Rəbbinin kəlamları həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır” (“əl-Ənam”, 115) (Əhməd Şakir demişdir: “Həmzə, əl-Kisəi və ravilərindən biri Hafs olan əl-Asimin qiraətində “kəlmə” sözü təkdə gəlmişdir. Yerdə qalan on qiraət alimləri cəmdə “kəlmələr” olaraq oxumuşlar. əl-Hafiz İbn Kəsir də məhz bu qiraəti gətirmişdir və təkdə gələn qiraəti cəm ilə təfsir etmişdir. əl-Əzhəriyyə əlyazmasında da belədir. Çap olunmuş nüsxələrdə isə dəyişdirilərək Hafs qiraətinə uyğun olan qiraət – “kəlmə” sözü təkdə yazılmışdır”), yəni Allahın şəriəti tamamlanmışdır. Allahın şəriəti isə ya doğru xəbərlərdən (Axirət, Cənnət, Cəhənnəm, peyğəmbərlər və s. bu kimi qeyb işlər barədə), ya da ədalətlə qoyulmuş əmr və qadağalardan ibarətdir. Həmçinin Allahın “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o bunları tamamilə yerinə yetirdi” ayəsində də “kəlmələr” sözü şəriət ehkamları mənasındadır. Yəni İbrahim (ona salam olsun) Allahın buyurduqlarını layiqincə yerinə yetirdi. Sonra “Allah: “Mən səni insanlara imam edəcəyəm!” – dedi”, yəni etdiyinin mükafatı olaraq bunu edəcəyəm. İbrahim (ona salam olsun) Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkindiyi üçün Allah onu insanlara nümunə göstəriləcək, ibrət alınacaq və arxasınca gediləcək bir rəhbər etdi.
Uca Allahın İbrahimi (ona salam olsun) sınağa çəkdiyi kəlmələrin müəyyən olunması mövzusunda ixtilaf edilmişdir. Bu barədə Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) müxtəlif rəvayətlər nəql edilmişdir. Bir rəvayətə görə, Uca Allah onu ibadətlərlə sınamışdır. Başqa bir rəvayətə görə isə Uca Allah onu təmizliklə sınamışdır. Bu təmizliyin beşi başa, beşi isə bədənə aid idi. Başa aid olan təmizlik: bığı qısaltmaq, ağzı yaxalamaq, buruna su çəkib sonra onu geri qaytarmaq, misvakla (Misvak – ərak ağacından dişləri təmizləmək üçün düzəldilmiş təbii fırça) dişləri təmizləmək və saçı ortadan ayırmaqdır. Bədənə aid olanlar isə: dırnaqları kəsmək, qasığı qırxmaq, sünnət etmək (Müsəlmanlarda yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının dəri hissəsinin kəsilməsindən ibarət əməliyyat), qoltuqaltı tükləri qopart-maq, (ayaqyoluna getdikdə) nəcisin və sidiyin qalığını övrət yerindən su ilə yumaq. (Əhməd Şakir demişdir: “ət-Tabəri (1910), əl-Hakim “əl-Mustədrək” əsərində (2/266) rəvayət etmişdir və demişdir: “əl-Buxari və Muslimin şərtinə uyğundur, lakin hədisi rəvayət etməmişlər”. əz-Zəhəbi də bununla razılaşmışdır”).
Mən deyirəm: “Buna yaxın bir rəvayət Muslimin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “On şey fitrətdəndir: bığları qısaltmaq, saqqal buraxmaq, misvaklanmaq, buruna su çəkib (içini təmizləmək), dırnaqları kəsmək, barmaq buğumlarını yumaq, qoltuqaltı tükləri qopartmaq, qasığı qırxmaq və (ayaqyolunda) su ilə yuyunmaq”. (Ravi) Musab demişdir: “Onuncusunu unutmuşam. Yəqin ki, bu, ağızı yaxalamaqdır”. Vəki demişdir: “Su ilə yuyunmaq deyildikdə ayaqyoluna çıxdıqda ön və arxa ifrazat çıxışlarını su ilə yumaq nəzərdə tutulur”. (Muslim, 384, 627). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Fitrət beşdir (yaxud beş şey fitrətdəndir (Burada "beş şey" deyildikdə yalnız bu beş şeyin fitrətdən olduğu qəsd edilmir. Belə ki başqa hədislərdə on şeyin fitrətdən olduğu rəvayət edilir. Bu da fitrətdən olan əməllərin daha çox olduğunu göstərir): sünnət etmək, qasığı qırxmaq, dırnaqları kəsmək, qoltuqaltı tükləri qopartmaq və bığları qısaltmaq”. (Muslim, 377, 620). Bu hədisin mətni Muslimə aiddir.
İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas bu ayənin təfsirində belə demişdir: “Bu kəlmələr ondur. Altısı insana aiddir. Dördü isə Həcc ibadətinə aiddir. İnsana aid olanlar: qasığı qırxmaq, qoltuqaltı tükləri qopartmaq və sünnət etməkdir. İbn Hübeyra deyərdi: “Bu üçü bir sayılır”. Həmçinin dırnaqları kəsmək, bığları qısaltmaq, misvakla dişləri təmizləmək və cümə günü qüsl etməkdir. Həccə aid olan dörd şey isə: Kəbəni təvaf etmək, Səfa və Mərva (Məscidul-Həramın şərq hissəsində yerləşən iki təpənin adıdır. Zəvvarlar onların arasında səy (mərasim qaçışı) yerinə yetirirlər). dağları arasında səy etmək, Cəməratı (Cəmərat dedikdə Minada şeytanın rəmzi olaraq tikilmiş üç sütun – kiçik, orta və böyük sütunlar nəzərdə tutulur. Bu sütunlara ərəbcə “cəmərat” deyilir). daşlamaq və Ərafatdan  (Müzdəlifəyə) enməkdir”. (İbn Əbu Hatimin İbn Abbasa  kimi sənədi səhihdir (Əhməd Şakir). İbn Əbu Hatim, 1168).
İkrimə İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bu dində sınağa çəkilib və bu sınaqların hamısından keçən yeganə adam İbrahimdir, çünki Uca Allah onun barəsində buyurur: “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o bunları tamamilə yerinə yetirdi”. İkrimə demişdir: “Mən ondan: “İbrahimin sınağa çəkilib yerinə yetirdiyi kəlmələr nələrdir?”- deyə soruşdum”. O dedi: “İslam otuz hissədən (ayədən) ibarətdir. Bu hissələrdən on ayə “ət-Tövbə” surəsindədir. Uca Allahın: “Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ” (“ət-Tövbə”, 112) ayəsi sonunadək. On ayəsi isə “Möminlər, həqiqətən də, nicat tapmışlar” “əl-Muminun” və “İstəyən kimsə baş verəcək əzabı istədi” “əl-Məaric” surəsinin əvvəllərindədir. On ayəsi isə “əl-Əhzab” surəsindədir ki, bunlar “Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar...” (“əl-Əhzab”, 35) ayəsi sonuna qədərdir. İbrahim bütün bunları yerinə yetirdikdə ona (küfr və şirkdən) bəraət verildi. Uca Allah bu barədə buyurur: “Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?” (“ən-Nəcm”, 37)”. (İbn Əbu Hatim, 1166; ət-Tabəri, 1910; əl-Hakim, 4027. əl-Hakim və əz-Zəhəbi səhih olduğunu bildirmişlər). Hədisi əl-Hakim, İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. Hədisin mətni İbn Əbu Hatimə aiddir.
İbn Əbu Hatim rəvayət etmişdir ki, əl-Həsən əl-Basri belə demişdir: “Allah İbrahimi ulduzlarla sınadı və nəticədə ondan razı qaldı. Ayla sınadı və nəticədə ondan razı qaldı. Günəşlə sınadı və nəticədə ondan razı qaldı. Hicrətlə (yaşadığı yurdu tərk etməyi buyurmaqla) sınadı və nəticədə ondan razı qaldı. Sünnət etməyi buyurmaqla sınadı və nəticədə ondan razı qaldı. Oğlunu (qurban) kəsməyi əmr etməklə sınadı və nəticədə ondan razı qaldı”. [Sonra əl-Hafiz İbn Kəsir ət-Tabəri və başqalarının Mucahid və digərlərindən rəvayətlər nəql etmişdir. Bu rəvayətlərdə müxtəlif rəylər var. Sonra demişdir:]
İbn Cərir xülasə olaraq demişdir: “Ola bilsin, ayədəki “kəlmələr” sözü ilə yuxarıda qeyd edilənlərin hamısı, ola da bilsin, bunlardan bir qismi nəzərdə tutulsun. Qeyd olunanların hər hansı birini səhih hədis və ya alimlərin icması olmadan qəti şəkildə təyin etmək düzgün deyil. Çünki Allahın ayədə nəyi qəsd etdiyini təyin etmək yalnız səhih sünnə və ya alimlərin icması ilə olur. Bu barədə qəbul olunması zəruri olan nə bir nəfərdən, nə də bir toplumdan gələn səhih xəbər (hədis) yoxdur. [Sonra İbn Kəsir ət-Tabərinin dediklərini nəql etmişdir. ət-Tabərinin sözünə görə ehtimal olunur ki, o, Mucahid və onun rəyində olanların rəvayət etdikləri hədisləri üstün görür. İbn Kəsir sonra demişdir:] “İbn Cəririn əvvəl qeyd etdiyi – “Ola bilsin, ayədəki “kəlmələr” sözü ilə yuxarıda qeyd edilənlərin hamısı nəzərdə tutulsun” sözü Mucahidin və onun rəyində olanların sözündən daha güclüdür. Çünki ayənin məzmunu onların dediklərinin  nəzərdə tutulmadığını göstərir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “İbrahim: “Nəslimdən də (imam et)!”- dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”– dedi”. Uca Allah İbrahimi (ona salam olsun) imam etdiyi zaman İbrahim Allahdan nəslindən də imamların olmasını istəmişdir. Onun bu istəyi Allah tərəfindən yerinə yetirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, onun nəslindən zalımlar da törəyəcək və bu zalımlar Allahın əhdinə nail ola bilməyəcəklər. Onlar insanlara imam ola bilməyəcəklər və insanlar da onların arxasınca getməyəcəklər. İbrahimin (ona salam olsun) bu istəyinin yerinə yetirilməsinə dəlil Uca Allahın “əl-Ənkəbut” surəsindəki bu ayəsidir: “Onun nəslinə peyğəmbərlik və Kitab verdik” (“əl-Ənkəbut”, 27). Bu səbəbdən İbrahimdən sonra Allahın göndərdiyi bütün peyğəmbərlər onun nəslindən gəlir və Allahın endirdiyi bütün kitablar onun nəslindən gələnlərə nazil olmuşdur. Allahın salavatı və salamı İbrahim peyğəmbərin üzərinə olsun.
Uca Allahın “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!” sözünə gəlincə, İbn Abbas (Allah ondan razı olsun) bu barədə demişdir: “Allah İbrahimə (ona salam olsun) onun nəslindən Allahın əhdinə nail olmayacaq zalımların törəyəcəyini xəbər verir. Bu səbəbdən öz nəslindən olmasına baxmayaraq, zalımları hər hansı bir işinə rəhbər etməsi İbrahimə (ona salam olsun) yaraşmaz. Nəslindən yaxşı işlər görənlər barədə isə İbrahimin duası qəbul olacaq və onlar barədə istəyi həyata keçəcəkdir. [əl-Hafiz İbn Kəsir bu məsələdə bir-birinə mənaca yaxın olan bir çox rəylər nəql etmiş, sonra demişdir:] “İbn Cərir və İbn Əbu Hatimin nəql etdiklərinə görə, sələf təfsir alimlərinin bu ayənin təfsirinə dair sözləri bundan ibarətdir. İbn Cərir demişdir: “Bu ayə zahirən xəbər mənasında olub, Allahın imamət əhdinə heç bir zalımın çata bilməyəcəyini bildirsə də, eyni zamanda Allahın səmimi dostu İbrahimə (ona salam olsun) nəslindən gələnlərin arasında öz nəfsinə zülm edənlərin də ola biləcəyini ifadə edir”.
əl-Bəqərə, 125
وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى...
125. Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!…”

 
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik“ ayəsinin təfsirində demişdir: “İnsanların oraya getmək istəkləri heç vaxt azalmayacaq. Oraya gedəcəklər, sonra ailələrinin yanına dönəcəklər, sonra yenə ora qayıdacaqlar”.
Əbul-Aliyə demişdir: “Əmin-amanlıq yeri etdik”, yəni ora düşməndən əmin bir yerdir. Orada silah gəzdirməyə ehtiyac yoxdur. Cahiliyyə dövründə ərəblərin ətrafındakı insanlar əsir alınarkən bu evə girdikdə təhlükəsizlik içərisində olar və əsla əsir alınmazdılar”.
Alimlərin bu ayənin təfsirində dediklərinin xülasəsi belədir: Uca Allah bu ayədə mübarək Evin şərəfini xatırladaraq onun həm şəriət baxımından, həm də reallıqda ziyarət yeri olduğunu bildirir. Yəni Uca Allah oranı insanların daim həsrətində olduğu və can atdığı bir yer etmişdir. Hər il getsələr belə, yenə ora getmək arzusu bitməyəcək. Buna səbəb isə Uca Allahın sevimli dostu İbrahimin (ona salam olsun) duasını qəbul etməsidir, çünki İbrahim (ona salam olsun) duasında demişdir: “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meyilli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə, şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir. Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” (“İbrahim”, 37–40). Həmçinin bu ayədə Uca Allah oranı əmin-amanlıq yeri etdiyini bildirir. Oraya daxil olan əmin-amanlıqda olar. Əvvəllər nə etmiş olsa belə, oraya girdikdə təhlükəsizliyi təmin olunar. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir: “Elə olurdu ki, kişi Kəbədə atasının və ya qardaşının qatili ilə qarşılaşırdı, lakin ona heç nə etmirdi”. Uca Allah Kəbəni “əl-Maidə” surəsində vəsf edərək buyurur: “Allah Kəbəni – müqəddəs evi – haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi” (“əl-Maidə”, 97), yəni bu Evə olan hörmətlərinə görə onları pisliklərdən qoruyacaq. Necə ki İbn Abbas (Allah ondan razı olsun): “Əgər insanlar bu Evi həcc etməsəydilər, Allah göyü başımıza uçurardı. Buranın şərəfi, onun ilk banısı ər-Rahmənin (Mərhəmətli olanın) sevimli dostu İbrahimin (ona salam olsun) şərəfinə görədir. Uca Allah buyurur: “Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik” (“əl-Həcc”, 26). Başqa bir ayədə isə buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar” (“Ali-İmran”, 96–97).
Həmçinin bu ayədə Uca Allah İbrahimin (ona salam olsun) dayandığı yerə (İbrahim məqamına) diqqət çəkərək orada namaz qılmağı əmr edir və buyurur: “İbrahimin dayandığı yeri namazgah edin!” Təfsir alimləri ayədə qeyd olunan yerlə nəyin nəzərdə tutulması məsələsində ixtilaf etmişlər. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “İbrahimin dayandığı yeri” – dedikdə bütün Haram ərazisi (Haram ərazisi – Məkkə şəhərindəki toxunulmaz ərazi nəzərdə tutulur. Bu ərazi xüsusi dirəklərlə işarələnmişdir. Bu ərazidə ov etmək, müəyyən canlılar istisna olmaqla, heyvanları öldürmək, bitkiləri qırmaq, döyüşmək qadağandır) nəzərdə tutulur”. Mucahid və Atadan da buna bənzər rəvayət nəql edilmişdir.
Səid ibn Cubeyr demişdir: “Allahın Peyğəmbəri İbrahimin (ona salam olsun) məqamı bir daşdır. Allah bu məqamı bir rəhmət etmişdir. İbrahim (ona salam olsun) onun üzərində dayanır, İsmayıl (ona salam olsun) isə ona daş gətirirdi”. İbn Əbu Hatim rəvayət edir ki, Cabir (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ həccini izah edərkən belə demişdir: “Peyğəmbər ﷺ təvaf edərkən Ömər (Allah ondan razı olsun) ona dedi: “Bura atamız İbrahimin məqamı deyilmi?” Peyğəmbər ﷺ: “Bəli”, – dedi. Ömər dedi: “Bəlkə, İbrahimin durduğu yeri namazgah edək?” Uca Allah “İbrahimin dayandığı yeri namazgah edin!” ayəsini nazil etdi”. (İbn İshaq əl-Fəkihi “Əxbərul-Məkkə” 985).
İbn Mərdəveyh rəvayət edir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) İbrahimin (ona salam olsun) məqamının yanından keçərkən demişdir: “Ey Allahın Elçisi! Rəbbimizin sevimli dostu İbrahimin dayandığı yerdə dayanmayacaqsanmı?” Peyğəmbər ﷺ: “Bəli”, – dedi. Ömər dedi: “Bəlkə, İbrahimin durduğu yeri namazgah edək?”. Qısa bir müddət keçdikdən sonra “İbrahimin dayandığı yeri namazgah edin!” ayəsi nazil oldu”. (əs-Suyuti “əd-Durrul-Mənsur” 1/621).  
əl-Buxari Ənəs ibn Malikdən (Allah ondan razı olsun) Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mənim (dediklərim) Allahın üç (ayəsi ilə) eyni gəlmiş və ya Rəbbim (nazil edəcəyi) üç (ayənin məğzini) əvvəlcədən mənə agah etmişdir. (Bir dəfə mən Peyğəmbərə - ona Allahın salavatı və salamı olsun): “Ey Allahın Elçisi, bəlkə, İbrahimin durduğu yeri namazgah edəsən!”– dedim və buna dair “İbrahimin dayandığı yeri namazgah edin!” ayəsi nazil oldu. (Yenə bir dəfə): “Ey Allahın Elçisi, sənin evinə həm xoşniyyətli, həm də pisniyyətli adamlar gəlir. Bəlkə, möminlərin analarına hicab geyməyi əmr edəsən?!” – dedim, Allah da hicab ayəsini (“əl-Əhzab”, 53) nazil etdi. Bir dəfə mən Peyğəmbərin ﷺ öz zövcələrindən bəzilərini tənbeh etdiyindən xəbər tutdum və onların yanına gəlib dedim: “Siz ya (özbaşınalığınıza) son qoyacaqsınız, ya da Allah Peyğəmbərinə ﷺ sizdən daha xeyirlisini nəsib edəcəkdir. Nəhayət, onun zövcələrindən birinin yanına gəldim və o mənə dedi: “Ey Ömər! Məgər Allah Elçisi ﷺ zövcələrinə özü öyüd-nəsihət verə bilmir ki, sən onlara nəsihət verirsən?!” Uca Allah da (bu ayəni) nazil etdi: “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər” (“ət-Təhrim”, 5)”. (əl-Buxari, 4123, 4483). Hədisi İmam Əhməd, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. Həmçinin Əli ibn əl-Mədini rəvayət etmiş və demişdir: “Bu, səhih hədislərdəndir”. (“Fəthul-Bari” (8/128), Əhmədin “əl-Musnəd” əsəri (157, 160, 250). Hədisi əs-Suyuti “əd-Durrul-Mənsur” kitabında qeyd etmişdir və bir çox kitablara nisbət etmişdir. (Əhməd Şakir). Muslim İbn Ömər Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Rəbbimə üç şeydə müvafiq oldum: “Hicab, Bədrdəki əsirlər və İbrahim məqamı barəsində”. (Muslimin “Səhih” əsəri (2/234), (Əhməd Şakir). Əbu Hatim ər-Razi Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) belə demişdir: “Rəbbim (nazil edəcəyi) üç (ayənin məğzini) əvvəlcədən mənə agah etmiş və ya mənim (dediklərim) Allahın üç (ayəsi ilə) eyni gəlmişdir. (Bir dəfə mən Peyğəmbərə ﷺ): “Ey Allahın Elçisi, bəlkə, İbrahimin durduğu yeri namazgah edəsən!”– dedim və buna dair: “İbrahimin dayandığı yeri namazgah edin!” ayəsi nazil oldu. (Yenə bir dəfə): “Ey Allahın Elçisi, bəlkə, qadınlara hicab geyməyi əmr edəsən?!”– dedim, Allah da hicab ayəsini nazil etdi. Üçüncüdə isə Abdullah ibn Ubeyd öldükdə Peyğəmbər ﷺ ona cənazə namazı qılmaq üçün gəldi. Mən dedim: “Ey Allahın Elçisi, sən bu kafir münafiqə cənazə namazı qılacaqsanmı?” Peyğəmbər ﷺ dedi: “Bəsdir, ey əl-Xattabın oğlu”. Bu səbəbdən “Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma” (“Tövbə”, 84) ayəsi nazil oldu”. (əl-Beyhəqi “Sunənul-Kubra” 13282, 13886). Bu hədisin də isnadı səhihdir. Bu iki hədis arasında heç bir ziddiyyət yoxdur. Bunların hamısı səhihdir. Əgər ümumi məna ilə say məfhumu ziddiyyət təşkil edirsə, bu zaman ümumi məna önə çəkilir. (Bu, üsul qaydalarından biridir. Yəni əgər hər hansı bir şəriət dəlilində bir şey müəyyən bir sayla gəlibsə, lakin digər dəlillərdən götürülən ümumi mənaya görə bu şey qeyd olunan saydan daha çoxdursa, bu zaman ümumi məna əsas götürülür və bu şey qeyd olunan sayla məhdudlaşmır. Məsələn, bir hədisdə Peyğəmbərimiz ﷺ buyurur: “Məhvedici yeddi günahdan çəkinin..!” (əl-Buxari, 2560, 2766). Lakin digər dəlillərin ümumi mənasından başa düşürük ki, məhvedici günahlar qeyd olunandan daha çoxdur. Bu zaman ümumi məna əsas götürülür. Yəni məhvedici günahlar daha çoxdur. Burada isə əsasları qeyd olunmuşdur. (Bax: “Ədvəul-Bəyən” 7/199). Ən doğrusunu Allah bilir.
İbn Cərir rəvayət edir ki, Cabir (Allah ondan razı olsun) (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - həccini vəsf edərək Kəbəni) təvaf etməyə başladıqda qara daşa hörmətlə əl sürtdü və yeddi döv-rədən ilk üçünü tez-tez yeriyərək başa vurdu, qalan dördünü isə adi yerişlə yeridi. Sonra İbrahim (ona salam olsun) məqamına tərəf getdi və “İbrahimin dayandığı yeri namazgah edin!” ayəsini oxudu. Namaz qılarkən İbrahim (ona salam olsun) məqamını özü ilə Kəbənin arasında edərək iki rükət namaz qıldı”. Bu, Muslimin “Səhih” əsərində rəvayət etdiyi uzun bir hədisdən bir hissədir. (ət-Tabəri (2003). Hədisin tam mətni Muslimin “Səhih” əsərindədir (1/346, 347). Həmçinin Əhməd “əl-Musnəd” əsərində rəvayət etmişdir (14494), (Əhməd Şakir). əl-Buxari Amr ibn Dinardan rəvayət edir ki, o, İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini eşitmişdir: “Peyğəmbər  (Məkkəyə) gəldikdə Kəbəni yeddi dəfə təvaf etdi, (İbrahimin - ona salam olsun) dayandığı yerin arxasında iki rükət namaz qıldı”. (əl-Buxari, 395, 1627).  
Bütün bu qeyd olunanlar göstərir ki, ayədə “İbrahimin dayandığı yeri” dedikdə İbrahim (ona salam olsun) Kəbəni tikərkən üzərində dayandığı bir daş nəzərdə tutulur. Kəbənin divarları yüksəldikdə İsmail (ona salam olsun) o daşı gətirmişdir ki, İbrahim (ona salam olsun) onun üzərinə çıxsın. İsmail daşları İbrahimə uzadır, İbrahim (ona salam olsun) isə əlləri ilə daşları qoyaraq divarı yüksəltmişdir. Divarın bir cərgəsi tamamlandıqda o biri cərgəyə keçmiş və beləcə daşın üzərində dayanaraq Kəbənin ətrafını təvaf etmişdir. Bir tərəfin divarını bitirdikdən sonra daşı digər tərəfə aparırmış, beləcə Kəbənin divarları tamamlanmışdır. Bu barədə daha ətraflı əl-Buxarinin İbn Abbasdan (Allah ondan razı olsun) İbrahim və İsmailin (ona salam olsun) Kəbəni tikmələri barədə rəvayət etdiyi hekayətdə danışılacaq. İbrahimin (ona salam olsun) ayaq izləri bu daşın üzərində aydın görünür. Ərəblər cahiliyyə dövründən bəri bu daşı tanıyırdılar. Necə ki Əbu Talib özünün “əl-Ləmiyyə” adlı məşhur qəsidəsində demişdir:
ومَوطئُ إبراهيم في الصخر رطبة ... على قدميه حافيًا غير ناعل
İbrahimin ayaq izi daşın üzərində hələ nəmdir,
ayaqyalındır, ayaqqabısızdır.
 
Müsəlmanlar da bunu görmüşlər. Necə ki İbn Vahb Ənəs ibn Malikin (Allah ondan razı olsun) dediklərini rəvayət etmişdir: “Mən İbrahim məqamını görmüşəm. Üzərində ayaq barmaqlarının və dabanının izləri var idi, lakin insanların əl sürtmələri nəticəsində o izlər itmişdir”.
İbn Cərir Qatədənin belə dediyini rəvayət edir: “Bu ayə ilə müsəlmanlara İbrahim məqamına əl sürtmək deyil, yalnız yanında namaz qılmaq əmr olunmuşdur. Çox təəssüf ki, bu ümmət əvvəlki ümmətlərin mükəlləf olmadığı bir şeylə özlərini mükəlləf etmişlər. Belə ki daşın üzərində İbrahimin (ona salam olsun) daban və barmaq izlərini görənlər olmuşdur, lakin sonradan insanların ona əl sürtməsi səbəbindən bu ayaq izləri itib getmişdir”.
Mən deyirəm: “Əvvəllər İbrahim məqamı Kəbənin divarına bitişik idi. Bu gün bilinən yeri isə qapının yanında Qara daşdan sağ tərəfdə ayrıca bir sahədədir. İbrahim (ona salam olsun) Kəbənin inşasını bitirdikdən sonra bu daşı Kəbənin divarına qoymuşdu. Ya da Kəbənin inşası bu daşın olduğu yerdə tamamlanmışdı və İbrahim (ona salam olsun) də daşı orada tərk etmişdi. Bu səbəbdən təvafdan sonra Kəbənin yanında namaz qılmaq əmr olunub. Namaz üçün seçilən yerin Kəbənin inşası tamamlanan İbrahim məqamının olması son dərəcə münasibdir. Ən doğrusunu Allah bilir. Bu daşı Kəbənin divarından uzaqlaşdıran möminlərin əmiri Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) olmuşdur. O, doğru yolda olan rəhbərlərdən və Raşidi Xəlifələrdən biridir. Bizə onların yolu ilə getmək əmr olunub. O, Peyğəmbərin ﷺ: “Məndən sonra Əbu Bəkr və Ömərin ardınca gedin” (İbn Məcə, 97; ət-Tirmizi. 3662. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1233), – dediyi iki kişidən biridir. O, İbrahim məqamında namaz qılma təklifinə Quranın müvafiq olduğu bir adamdır. Bu səbəbdən səhabələrdən heç kim onun etdiyinə (İbrahim məqamını divardan uzaqlaşdırmasına) etiraz etmədi. Allah onların hamısından razı olsun!
əl-Hafiz Əbu Bəkr Əhməd ibn əl-Huseyn əl-Beyhəqi Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “İbrahim məqamı Peyğəmbərin ﷺ və Əbu Bəkrin (Allah ondan razı olsun) dövrlərində divara bitişik olmuşdur. Sonradan Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) onu ayırmışdır”. Bu əsərin isnadı səhihdir.
əl-Bəqərə, 125-128
وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ * وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ * وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ * رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ
125. ...Biz İbrahimdən və İsmaildən: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”- deyə əhd aldıq.
126. Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”
127. O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
128. Ey Rəbbimiz! (İkimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”

 
əl-Həsən əl-Bəsri demişdir: “Uca Allah “Biz İbrahimdən və İsmaildən: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əhd aldıq” ayəsində onlara evini pisliklərdən və natəmizliklərdən təmizləməyi əmr etmiş və bu kimi şeyləri orada tərk etməməyi buyurmuşdur. İbn Cureyc demişdir: “Bir dəfə mən Ətadan: “Allahın aldığı əhd nədir?” – deyə soruşdum. O dedi: “Allahın əhd alması əmr etməsidir”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm də əhdin əmr olduğunu demişdir. Lakin görünən budur ki, عَهِدَ [ahidə] feili إلى [ilə] ədatı ilə işlənmişdir. Çünki o تَقَدَّمْنَا [təqaddəmnə] “müraciət etdik” və أَوْحَيْنَا [əvhəynə] “vəhy etdik” (Əhməd Şakir demişdir: “Çap olunmuş nüsxədə أَوْحَيْنَا [əvhəynə] “vəhy etdik” “hə” hərfi ilə yazılmışdır. Məncə, doğru olan budur ki, أَوْصَيْنَا [əvsaynə] “vəsiyyət etdik” “sad” hərfi ilə olmalıdır. Çünki عَهِدَ [ahidə] feilinin mənalarından: “müraciət etmək” və “vəsiyyət etmək”dir. Bu barədə “əl-Lisənul-Arab” və digər kitablara bax”). mənasındadır. Mucahid və Səid ibn Cubeyr demişlər: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”, yəni evimi bütlərdən, pisliklərdən, yalan sözdən və çirkin şeylərdən təmizləyin”.
Uca Allahın ayədə “təvaf edənlər” sözü ilə nəzərdə tutulanlar, bəlli olduğu kimi, Kəbəni təvaf edənlərdir. Səid İbn Cubeyrdən rəvayət olunur ki, “təvaf edənlər” sözü ilə qürbətdən gələnlər “etikafa girənlər” sözü ilə isə Məkkədə yaşayanlar nəzərdə tutulur. Qatədə və Rabi ibn Ənəsdən də belə rəvayət edilmişdir ki, onlar “etikafa girənlər” sözünü Səid İbn Cubeyr dediyi kimi, Məkkədə yaşayanlar kimi təfsir etmişlər. İbn Əbu Hatim Sabitin belə dediyini rəvayət edir ki, “Bir dəfə mən Abdullah ibn Ubeyd ibn Umeyrə dedim: ”Mən istəyirəm Məkkənin əmiri ilə danışım ki, Məscidul-Haramda yatanlara bunu qadağan etsin, çünki onlar burada yatmış halda dəstəmazları pozulur və cunub olurlar”. Abdullah ibn Ubeyd dedi: “Bunu etmə, çünki Abdullah ibn Ömərdən məsciddə yatanlar barədə soruşulduqda, o: “Onlar etikaf edənlərdir” – dedi”. Mən deyirəm: ”Səhih” əsərində gəlmişdir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) subay ikən Peyğəmbərin ﷺ məscidində yatardı”.
Uca Allah buyurur: “rüku və səcdə edənlər üçün”.  İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Namaz qılan kəs rüku və səcdə edənlərdən sayılır”. Əta və Qatədə də belə demişlər. İbn Cərir demişdir: “Ayənin mənası belədir: Biz İbrahim və İsmailə Evimizi (Kəbəni) təvaf edənlər üçün təmizləməyi əmr etdik. Uca Allahın İbrahim və İsmailə əmr etdiyi təmizlik Kəbəni Allaha şərik qoşulan şeylərdən, bütlərə ibadətdən və şirkdən təmizləməsidir”. Sonra İbn Cərir bir sual verərək demişdir: “Əgər soruşulsa ki, İbrahim (ona salam olsun) Kəbəni inşa etməzdən əvvəl burada bir şey var idi ki, İbrahimə (ona salam olsun) oranı təmizləmək əmr olunmuşdur?” Sonra özü bu suala iki cür cavab vermişdir:
Birincisi. Allah İbrahimə Nuhun (ona salam olsun) qövmü zamanında orada ibadət olunan bütlərdən təmizləməyi onlara əmr etmişdir. Həm də bu özündən sonra gələnlər üçün tabe olunacaq bir yol olsun deyə əmr etmişdir. Belə ki Uca Allah İbrahimi (ona salam olsun) yoluna tabe olunan bir rəhbər etmişdir. Necə ki Abdur-Rahmən ibn Zeyd demişdir: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”, yəni evimi müşriklərin ibadət etdikləri, təzim etdikləri bütlərdən təmizləyin”.
Mən deyirəm: “Bu cavabdan belə çıxır ki, İbrahimdən (ona salam olsun) əvvəl Kəbədə bütlərə ibadət olunurdu. Bu isə məsum Peyğəmbərdən ﷺ nəql edilən səhih bir dəlillə sübut olunmalıdır”.
İkincisi. Uca Allah İbrahim və İsmailə Allahın evini tikərkən şirkdən (riyadan) və şübhədən uzaq, Allahdan başqasını Ona şərik qoşmadan, ixlas və səmimiyyət üzərində tikməyi əmr etmişdir. Necə ki Uca Allah buyurur: “Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?” (“Tövbə”, 109). Həmçinin Uca Allah buyurur: “Biz İbrahimdən və İsmaildən: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”- deyə əhd aldıq”, yəni evimi şirk (riya) və şübhədən təmiz halda tikin”.
Bu cavabın xülasəsi budur: Uca Allah İbrahim və İsmailə əmr etmişdir ki, Kəbəni təvaf edənlər, etikafa girənlər və ora üz tutub namaz qılanlar üçün heç bir şeyi Allaha şərik qoşmadan, Tək olan Allahın adını uca tutmaq üçün tiksinlər. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”- demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər. Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin! Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər. Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin; ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır. Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır” (“əl-Həcc”, 26–33). Bu ayələrlə Allahın evində Allaha şərik qoşan müşriklərə etiraz qəsd olunur. Halbuki bu ev heç bir şeyi Allaha şərik qoşmadan tək Ona ibadət olunması üçün tikilmişdir. Allaha şərik qoşmaqdan əlavə, müşriklər Kəbədə möminlərə Allaha ibadət etməyə mane olurdular. Uca Allahın buyurduğu kimi: “Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidul-Haramdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq” (“əl-Həcc”, 25).
Sonra Uca Allah Kəbənin tək Allaha ibadət edən və heç bir şeyi Ona şərik qoşmayan kəslərin təvaf edib, namaz qılmaları üçün tikildiyini bildirir. “əl-Həcc” surəsində Uca Allah namazın üç hissəsini: qiyam (ayaq üstə durma), rüku və səcdəni zikr etmişdir, etikafa girənləri isə zikr etməmişdir. Çünki bundan əvvəlki ayədə “bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidul-Haramdan” (“əl-Həcc”, 25) buyurmuş, bu ayədə isə təvaf edənləri və etikafa girənləri qeyd etmişdir. Uca Allah bu ayədə namazın hissələrindən rüku və səcdəni qeyd etməklə kifayətlənmiş, qiyamı isə qeyd etməmişdir. Çünki məlumdur ki, rüku və səcdə yalnız qiyamdan sonra olur. Həmçinin bu ayədə Kitab əhlindən olan yəhudi və xaçpərəstlərdən Kəbəni həcc etməyənlərə etiraz vardır. Çünki onlar Allahın sevimli dostu İbrahimin (ona salam olsun) hörmətli və fəzilətli peyğəmbər olmasına inanırlar və bu mübarək evi həcc, ümrə və digər vaxtlarda təvaf etmək, orada etikaf etmək və yanında namaz qılmaq üçün tikdiyini bilirlər, lakin buna baxmayaraq, özləri bu əməllərdən heç birini etmirlər. Allahın İbrahimə (ona salam olsun) şəriət olaraq buyurduğu bu əməlləri etmədən onun davamçıları necə ola bilərlər? Peyğəmbərlərdən İmran oğlu Musa və digər peyğəmbərlər (onlara salam olsun) də Kəbəni ziyarət edərək həcc etmişlər. Allahın salavatı və salamı onların üzərinə olsun! Bu barədə bizə məsum və öz istəyi ilə danışmayan Peyğəmbər ﷺ xəbər vermişdir. Onun “Bu (danışdığı), ona təlqin edilən bir vəhydir” (“ən-Nəcm”, 4).
Beləliklə, Uca Allahın “Biz İbrahimdən və İsmaildən: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”- deyə əhd aldıq” ayəsinin mənası belədir: “Yəni evimi şirk və şübhələrdən təmizləyin, onu sırf (xalis) Allah üçün tikin! Oranı təvaf edənlərə, orada qalanlara, rüku və səcdə edənlərə bir sığınacaq edin”. Məscidlərin təmiz saxlanılması bu ayəyə və Uca Allahın bu sözünə əsaslanır: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (“ən-Nur”, 36). Həmçinin Sünnədə məscidlərin təmiz saxlanılması, gözəlləşdirilməsi, hər cür pisliklərdən, natəmizliklərdən və s. bu kimi narahatedici şeylərdən qorunmasına dair bir çox hədislər gəlmişdir. Necə ki bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Məscidlər yalnız orada yerinə yetirilməsi nəzərdə tutulan əməllər (namaz, zikr, elm) üçün tikilmişdir”. (Hədisi Muslim (1/157-158) və İbn Məcə (756) Bureydə əl-Əsləmidən rəvayət etmişlər. (Əhməd Şakir). Mən bu mövzunu xüsusi bir hissədə cəm etmişəm. Həmd və nemət Allaha məxsusdur.
Uca Allah buyurur: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” İmam Əbu Cəfər İbn Cərir Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Həqiqətən, İbrahim Allahın evini (Onun əmri ilə) haram ərazi etmiş və oranı əmin-aman bir yer etmişdir. Mən də (Allahın əmri ilə) Mədinədəki (şərq və qərbində yerləşən) iki qara daşlı ərazinin arasını haram ərazi edirəm. Orada olan ağacları kəsmək və heyvanları ovlamaq qadağandır”. (Muslim, 2425, 3383). Hədisi Muslim və ən-Nəsəi rəvayət etmişlər. (Əhməd Şakir demişdir: “ət-Tabəri (2029) səhih isnadla rəvayət etmişdir. Buna oxşar hədisi Muslim də rəvayət etmişdir (1/385). Hədisdə “iki qara daşlı ərazi” dedikdə Mədinənin (şərq və qərb tərəfində) yerləşən iki ərazi nəzərdə tutulur. Bu ərazilər çox sayda qara vulkanik daşlardan ibarətdir. “Ağaclar” dedikdə isə tikanı olan hər bir iri ağac nəzərdə tutulur”). Həmçinin İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Həqiqətən, İbrahim Allahın qulu və sevimli dostu idi. Mən isə Allahın qulu və elçisiyəm. Həqiqətən İbrahim Məkkəni (Allahın əmri ilə) haram ərazi etmişdir. Mən də Mədinədəki (şərq və qərbində yerləşən) iki qara daşlı ərazinin arasını haram ərazi etdim və bu ərazidə ağacları kəsməyi, ov ovlamağı qadağan etdim. Bu ərazidə döyüş üçün silah gəzdirmək olmaz. Heyvan bəsləmək üçün kəsilən ot istisna olmaqla, bu ərazidə ağac kəsmək qadağandır”. (ət-Tabəri, 2029–2031). Hədisin bu yolla rəvayət olunması “Altı Hədis” kitabında yoxdur (ət-Tabəri (2029) səhih isnadla rəvayət etmişdir. Hədisi nə “Musnəd” əsərində, nə də başqa əlim çatan hədis kitablarında tapa bilmədim (Əhməd Şakir) və ğaribdir. Hədisin əsli Muslimin “Səhih” əsərində başqa bir şəkildə Əbu Hureyradan (Allah ondan razı olsun) belə rəvayət olunmuşdur: “İnsanlar meyvənin ilk nübarını dərdikdə onu Peyğəmbərə ﷺ gətirərdilər. Peyğəmbər ﷺ onu götürüb belə dua edərdi: “Allahım meyvəmizə bərəkət ver, şəhərimizə (Mədinəmizə) bərəkət ver, ölçümüzə bərəkət ver, ovcumuza bərəkət ver! Allahım, İbrahim Sənin qulun, sevimli dostun və peyğəmbərindir. Mən də Sənin qulun və peyğəmbərinəm. O, Məkkə üçün Sənə dua etmişdi. Mən də onun Məkkə üçün dua etdiyi kimi və bir o qədər də artıq Mədinə üçün Sənə dua edirəm”. Sonra həmin meyvəni orada olan uşaqların ən kiçiyinə verərdi”. (Muslim “Səhih” əsərində (1/387) Malikin yolu ilə rəvayət etmişdir. Hədis həmçinin “əl-Muvatta” əsərində var. (səh. 885), (Əhməd Şakir). Muslim, 473, 2437, 3400). İbn Cərir Rafi ibn Xadicdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İbrahim Məkkəni haram ərazi etmişdir. Mən də oradakı iki daşlıq ərazinin arasını haram ərazi edirəm”. (Muslim, 456, 2423, 3381). Bu hədisi yalnız Muslim rəvayət etmişdir. (ət-Tabəri (2031) və Muslim “Səhih” əsərində (1/385) rəvayət etmişlər. (Əhməd Şakir). 
[Sonra müəllif əl-Hafiz İbn Kəsir əl-Buxari və Muslimin eyniadlı “Səhih” əsərlərində Ənəsdən və Abdullah ibn Zeyd ibn Asimdən, Muslimin “Səhih” əsərində isə Əbu Səiddən (Allah ondan razı olsun) bu mənada rəvayət olunan hədisləri gətirmiş, sonra da demişdir:] “Mədinənin haram ərazi olması barədə hədislər çoxdur. Biz yalnız bu hədislərdən İbrahimin (ona salam olsun) Məkkəni haram ərazi etməsi ilə əlaqəli olanları qeyd etdik, çünki bu hədislərin ayə ilə uyğunluğu var”. 
Uca Allahın Məkkəni göylərin və yerin yaradılmasından əvvəl haram ərazi (toxunulmaz) etdiyinə dəlalət edən bir çox digər hədislər var. Necə ki əl-Buxari və Muslimin Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ Məkkənin fəthi günü belə demişdir: “Həqiqətən, bu şəhəri (Məkkəni) Allah göyləri və yeri yaratdığı gün haram ərazi etmişdir. O, Allahın haram etməsi ilə Qiyamət gününə qədər haram ərazi olaraq qalacaqdır. Orada (Məkkədə) döyüşmək məndən qabaq heç kəsə halal olmayıb. Bilin ki, o ancaq bir günün bir saatında təkcə mənim üçün halal buyurulmuşdur. Məndən sonra heç kəsə halal olmaz və Allahın onu haram etməsi ilə Qiyamət gününə qədər toxunulmaz olaraq qalacaqdır. (Elə buna görə də) Məkkənin tikanı kəsilməz, ov heyvanları ürküdülməz, orada itmiş əşya götürülməz, (Əşyanın sahibini) axtarıb tapmaq istəyən (kimsənin götürdüyü) isə istisnadır və bitkisi qoparılmaz”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Ətirli qamışdan başqa, ya Rəsulullah! Axı biz onu evlərimizdə və qəbirlərimizdə istifadə edirik”. Peyğəmbər ﷺ də: “Ətirli qamışdan başqa”, – deyə buyurdu”. (Muslim, 445, 2412, 3368). Hədisin mətni Muslimə aiddir. (Muslim “Səhih” əsərində (1/383) rəvayət etmişdir. Bax: ət-Tabəri (2028) bizim təxricimizlə. (Əhməd Şakir). əl-Buxari və Muslimdə də buna oxşar rəvayət Əbu Hureyradan varid olmuşdur. (Əhməd Şakir demişdir: “Sonra müəllif əl-Hafiz İbn Məcənin Safiyyə bint Şeybədən bu iki hədisin mənasında rəvayət etdiyi bir hədisi gətirmişdir. Bu hədisi əl-Buxari muəlləq olaraq rəvayət etmişdir. Sonra əl-Buxari və Muslimin Əbu Şureyh əl-Adəvidən bu iki hədisin mənasında rəvayət etdikləri daha bir hədis gətirmişdir”).  
Bütün bunları bildikdən sonra deyə bilərik ki, Uca Allahın Məkkəni göyləri və yeri yaratdığı gün haram ərazi etməsinə dəlalət edən hədislərlə, İbrahimin (ona salam olsun) Məkkəni haram ərazi etməsini bildirən hədislər arasında heç bir ziddiyyət yoxdur. Çünki İbrahim Allahın bu hökmünü təbliğ etmiş və oranı haram ərazi etdiyini bildirmişdir. Məkkə İbrahim (ona salam olsun) orada Kəbəni tikməzdən əvvəl də haram bir ərazi olmuşdur. Necə ki Adəm (ona salam olsun) hələ torpaq şəklində olarkən Peyğəmbərin ﷺ sonuncu peyğəmbər olması (Lövhi-Məhfuzda) yazılmışdı. Buna baxmayaraq, İbrahim (ona salam olsun) dua edərkən: “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun”, – demişdir və Uca Allah da Öz əzəli elmi və təqdirinə görə İbrahimin (ona salam olsun) duasını qəbul etmişdi. Bu səbəbdən hədisdə varid olmuşdur ki, bir dəfə səhabələr Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi! Peyğəmbərliyin başlanğıcı barədə bizə xəbər ver!” Peyğəmbər ﷺ dedi: “Atam İbrahimin duası, Məryəm oğlu İsanın müjdəsi və anamın (yuxuda) özündən bir nur çıxıb Şam diyarının evlərinə işıq saçdığını görməsi mənəm”. (Əhməd, 22315; əl-Hakim, 4175. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1545). Bu mövzu Allahın izni ilə qarşıda gələcəkdir. (Bu surənin 139-cu ayəsinin təfsirində. (Əhməd Şakir).
Uca Allah sevimli dostu İbrahimin (ona salam olsun) dilindən belə buyurur: ”Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et”, yəni əhalisini qorxuya salacaq şeylərdən onları qoru. Artıq Uca Allah bunu həm şəriətdə, həm də həyatda reallaşdırmışdır. O buyurur: “Oraya daxil olanın təhlükəsizliyi təmin olunar” (“Ali-İmran”, 97). Başqa bir ayədə isə belə buyurur: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?” (“əl-Ənkəbut”, 67). Bu kimi başqa ayələr Məkkənin əmin-aman yer olduğuna dəlalət edir. Məkkədə döyüşün haram olması barədə hədislər yuxarıda keçmişdir. Uca Allah bu surədə də Məkkənin əmin-aman bir şəhər olmasını İbrahimin (ona salam olsun) dili ilə bildirmişdir: ”Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et”, yəni bu yeri əmin-aman şəhər et! Bu duanın məhz bu məqamda deyilməsi uyğundur, çünki bu dua Kəbə tikilməmişdən əvvəl edilmişdir. İbrahim surəsində isə buyurur: “Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır” (“İbrahim”, 35). Bu dua isə bu məqama uyğundur. Sanki, İbrahim (ona salam olsun) bu duanı – Allah ən doğrusunu bilir – ikinci dəfə Kəbə inşa edildikdən və əhalisi orada qərar tutduqdan sonra etmişdir. Həmçinin İsmaildən (ona salam olsun) on üç yaş kiçik olan İshaqın (ona salam olsun) doğulmasından sonra etmişdir. Bu səbəbdən duanın sonunda: “Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir” (“İbrahim”, 39), - deyir.
Uca Allah buyurur: “Onun əhalisinə – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” Ubeyy ibn Kəb (Allah ondan razı olsun) demişdir: “Ayədə
“Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” cümləsi Allahın sözüdür (əvvəlki cümlənin davamı deyil)”. Mucahid və İkrimə də belə demişlər. İbn Cəririn doğru qəbul etdiyi rəy də budur. Bu ayə Uca Allahın bu sözünə bənzəyir: “De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Onlar bir müddət dünyada faydalanar, sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq” (“Yunus”, 69–70); “Kafirin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir. Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik” (“Loğman”, 23-24); “Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik. Evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik, zinət də verərdik. Bütün bunlar, sadəcə, dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxanlar üçündür” (“əz-Zuxruf”, 33–35).
Uca Allah ayənin sonunda buyurur: “Sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”, yəni dünya həyatında və onun kölgəsində bir qədər zövq almağa izin verildikdən  sonra sığınacaq yerləri Cəhənnəm olacaqdır. Ora necə də pis dönüş yeridir. Yəni Allah onlara möhlət verər. Sonra da onları Qüvvət və Qüdrətinə layiqli şəkildə əzabla yaxalayar. Necə ki Uca Allah bir ayədə belə buyurur: “Neçə-neçə şəhərlərə əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir!” (“əl-Həcc”, 48). əl-Buxari və Muslimin “Səhih” əsərlərində varid olan hədisdə Peyğəmbər ﷺ demişdir: “(Özü haqda) eşitdiyi nalayiq sözlərə Allahdan daha çox səbir edən bir kimsə, yaxud bir məxluq yoxdur. Belə ki (qulları) Ona övlad isnad edirlər, O isə onlara cansağlığı və (çoxlu) ruzi bəxş edir”. (Hədis Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət olunub. Əvvəlki səhifələrdə keçib. (Əhməd Şakir). əl-Buxari, 5634, 6099). Həmçinin “Səhih”də gəlmişdir: “Allah zalıma (müəyyən vaxtadək) möhlət verər. Nəhayət, onu yaxaladıqdan (sonra heç vaxt) onu buraxmaz”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması, həqiqətən də, üzücüdür, şiddətlidir” (“Hud”, 102)”. (əl-Buxari, Muslim və İbn Məcə Əbu Musa əl-Əşaridən rəvayət etmişlər. Bax: “Fəthul-Bari” (8/267), (Əhməd Şakir). əl-Buxari, 4318, 4686).  
Uca Allah buyurur: “O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!” Ayədə “bünövrə” dedikdə əsas, təməl nəzərdə tutulur. Uca Allah bu ayədə buyurur ki, “Ey Muhəmməd! Qövmünə İbrahim və İsmailin Kəbəni tikdiyini və onun təməlini yüksəltdiyini xatırlat. Onlar bu saleh əməli edərkən “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” – deyə dua edirdilər və Allahdan bu əməllərini qəbul etməsini diləyirdilər”. Necə ki İbn Əbu Hatim rəvayət etmişdir ki, Vuheyb ibn əl-Vərd (Vuheyb ibn əl-Vard əl-Məkki – böyük zahid abidlərdən biri olmuşdur. Abdullah ibn əl-Mubərak, Fudeyl ibn İyad və Abdur-Razzəqin müəllimlərindən biri olmuşdur. Hicri təqvimi ilə 153-cü ildə vəfat etmişdir. Onun tərcümeyi-halı “ət-Təhzib” kitabında, əl-Buxarinin “əl-Kəbir” əsərində (4/2/177) və İbn Əbu Hatimin “əl-Cərh vət-Tadil” əsərində (4/2/34) zikr olunub. Əbu Nueymin “əl-Hilyə” əsərində də (8/140-161) onun geniş tərcümeyi-halı var. (Əhməd Şakir). bir dəfə bu ayəni oxudu: “O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” Sonra ağlayaraq dedi: “Ey ər-Rahmənin sevimli dostu! Sən ər-Rahmənin evinin bünövrəsini yüksəldirsən və qorxursan ki, bu səndən qəbul olunmayacaq”. Bu, Uca Allahın Quranda barələrində bizə xəbər verdiyi ixlaslı möminlərin halına bənzəyir. Uca Allah buyurur: “Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər” (“əl-Muminun”, 60). Yəni Allah üçün üzərilərinə düşən sədəqələrini, mallarını və qurbanlarını verərlər, həm də bunun onlardan qəbul olmayacağından qorxarlar.
əl-Buxari bu mövzuda İbn Abbasdan (Allah ondan razı olsun) bir hədis rəvayət etmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası (Həcər) olmuşdur. O Saradan (gizlənib) öz izini itirmək üçün belə etmişdir. (Sara Həcəri İbrahimə bağışlamış və Həcər İsmailə hamilə qalmışdır. O, azad olduqda isə Sara onu İbrahimə qısqanmış və and içmişdir ki, Həcəri tutsa, onun üç əzasını kəsəcəkdir. Həcər bundan xəbər tutduqda belinə qurşaq bağlamış və izini itirmək üçün qurşağının ucunu yerlə sürüyərək qaçıb Saradan gizlənmişdir (“Fəthul-Bari” 10/146). Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmaillə birlikdə (müqəddəs) Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi. İbrahim onları orada tərk edib, yanlarında da bir az xurma və su qoyub getdikdə İsmailin anası onun dalınca qaçıb dedi: “Ey İbrahim, sən bizi ins-cins olmayan bu çöllükdə atıb gedirsən?!” Həcər bunu bir neçə dəfə təkrar etdi, lakin İbrahim ona tərəf dönüb baxmadı. Axırda qadın soruşdu: “Olmaya, bunu sənə Allah əmr edib?” İbrahim: “Bəli!”– deyə cavab verdi. Qadın: “Elə isə Allah bizi nəzarətsiz qoymaz”, – deyib geri qayıtdı. İbrahim isə yoluna davam etdi və nəhayət, onlardan tamamilə uzaqlaşıb gəlib dağ keçidinə çatdıqda üzünü (müqəddəs) Evə tərəf çevirdi və əllərini (göyə) qaldırıb belə dua etdi: “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin  yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meyilli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə, şükür etsinlər” (“İbrahim”, 37) Həcər isə İsmailə süd verir, özü də (yanındakı) sudan içirdi. Tuluqdakı su qurtardıqdan sonra onun həm özü, həm oğlu bərk susadı. Həcər uşağın çabaladığını gördükdə dözməyib yaxınlıqda yerləşən Səfa dağına tərəf getdi. Dağın üstünə çıxıb ətrafa baxmağa başladı, lakin heç kəsi görə bilmədi. Qadın Səfa dağından aşağı endi və paltarının ətəyini qaldırıb tez-tez yeriyərək Mərva dağına tərəf getdi. Həcər vadini keçib Mərva dağına çatdıqda onun üstünə çıxıb ətrafa baxdı, lakin yenə də heç kəsi görə bilmədi. O, yeddi dəfə beləcə dağların arasında o tərəf-bu tərəfə getdi”.
İbn Abbas (Allah ondan razı olsun) dedi: “Peyğəmbər ﷺ demişdir: “Elə buna görə də müsəlmanlar (ziyarət əsnasında) bu dağlar arasında gedib-gəlirlər”.
(İbn Abbas (Allah ondan razı olsun) rəvayətinə davam edib dedi:) “Qadın Mərva dağına gəlib çatdıqda səs eşitdi və öz-özünə: “Sakit ol!”- dedi. Yenə səs eşitdikdə: “Səsini mənə eşitdirdin, mənə kömək edə bilərsənmi?”- dedi. Elə bu vaxt Zəm-zəmin yerində mələk gördü. Mələk qanadı ilə yerə vurdu və yerdən su qaynayıb çıxdı. Qadın əli ilə suyun qabağını aldı və tuluğa su doldurmağa başladı. Su isə axmağa davam edirdi”.
İbn Abbas (Allah ondan razı olsun) dedi: “Peyğəmbər ﷺ demişdir: “Allah İsmailin anasına rəhmət eləsin! Əgər o, Zəm-zəmə toxunmasaydı, o axan bir bulağa çevriləcəkdi.”
(İbn Abbas (Allah ondan razı olsun) rəvayətinə davam edib dedi:) “Həcər sudan içdikdən sonra uşağını əmizdirdi. Mələk ona dedi: “Başlı-başına buraxılacağınızdan qorxma! Çünki Allahın Evi burada (olacaq). Onu bu uşaq və onun atası tikəcək. Allah onun ailəsini əsla nəzarətsiz buraxmaz”. O dövrdə Kəbənin yalnız bünövrəsi var idi və çaylar onun həndəvərindən axıb gedirdi. Onlar bir müddət orada qaldılar. Nəhayət, Kəda tərəfdən gəlmiş Curhum qəbiləsindən olan bir dəstə adam Məkkənin aşağı tərəfində dayanmalı oldular. Onlar göydə uçan quşları görüb: “Bu quşlar ancaq su olan yerdə uçarlar. Axı o vadidə su olmamalıdır!”- dedilər, sonra da ora bir və ya iki nəfər göndərdilər. Göndərilən adamlar suyu görəndən sonra qayıdıb onlara xəbər verdilər və onların hamısı yığışıb oraya getdilər. O vaxt İsmailin anası suyun kənarında oturmuşdu. Onlar (ona yaxınlaşıb) dedilər: “Bizə sənin yanında qalmağa izn verirsənmi?” Həcər dedi: “Bəli, ancaq mənim iznim olmadan bu sudan istifadə etməyəcəksiniz”. Onlar: “Razıyıq”, – dedilər.
İbn Abbas (Allah ondan razı olsun) dedi: “Peyğəmbər ﷺ demişdir: “Bu təklif İsmailin anasının könlünə yatdı. Çünki o, insanlarla ünsiyyətdə olmağı sevirdi”.
(İbn Abbas (Allah ondan razı olsun) rəvayətinə davam edib dedi:) “Beləliklə, onlar orada məskunlaşdılar, sonra yaxınlarına xəbər göndərib onları öz yanlarına çağırdılar və onlar da orada məskən saldılar. Nəhayət, uşaq (İsmail) böyüyüb boya-başa çatdı və onlardan ərəb dilini öyrəndi. (Bu hədis açıq-aydın dəlalət edir ki, ərəb dili İbrahim və İsmaildən də daha əvvəl olmuşdur. Hətta ola bilsin, assuri dilindən də daha qədimdir. Halbuki heç bir şübhə yoxdur ki, assuri dili İsrail oğullarının ibrani dilindən daha qədimdir. İsrail isə İbrahimin nəvəsi Yaqubdur (ona salam olsun). Hətta ola bilsin, qədim ərəb dili əs-Samiyyə adlanan dillər qrupunun anasıdır. Bəziləri isə bunu bilmir və ərəb dilində olan sözlərdən hər hansı biri digər dillərdəki sözə uyğun gəldikdə ərəb dilində olan sözün ondan törəndiyini deyirlər. (Əhməd Şakir). Onlar bu uşaqla fəxr edirdilər və onun fərasətinə heyran qalmışdılar. O yetkinlik yaşına yetişdikdə onu öz qızlarından biri ilə evləndirdilər. İsmailin anası vəfat etdikdən bir müddət sonra atası İbrahim ona baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim İsmailin zövcəsindən onu xəbər aldıqda qadın dedi: “Gedib bizim üçün yeməyə bir şey gətirsin”. Sonra İbrahim qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: “Vəziyyətimiz çox pisdir! Biz ehtiyac və yoxsulluq içində yaşayırıq”- deyə şikayət etməyə başladı. İbrahim buyurdu: “Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını dəyişdirsin”. İsmail qayıtdıqda evə adam gəldiyini hiss edib yoldaşından: “Evimizə gələn olubmu?”- deyə soruşdu. Qadın dedi: “Bəli, filan əlamətləri olan qoca bir kişi gəlmişdi. O sənin barəndə soruşdu, mən də ona (evdə olmadığını) xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona bizim ehtiyac və yoxsulluq içində yaşadığımızı söylədim”. İsmail dedi: “O sənə bir şey tövsiyə etdimi?” Qadın dedi: “Bəli, o mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını dəyişəsən”. İsmail dedi: “O gələn mənim atam idi. Mənə səndən ayrılmağı tövsiyə etdi. Odur ki atan evinə qayıt”. İsmail onu boşadıqdan sonra başqa bir qızla evləndi. Bir müddət keçdikdən sonra İbrahim yenə oğluna baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim evə daxil oldu və İsmailin zövcəsindən onu xəbər aldıqda qadın dedi: “Gedib bizim üçün yeməyə bir şey gətirsin”. Sonra o, qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: “Vəziyyətimiz çox yaxşıdır, hər şeyimiz var!”- deyib Allaha şükür etdi. İbrahim: “Nə yeyirsiniz?”- deyə soruşdu. Qadın: “Ət (yeyirik)”, – deyə cavab verdi. İbrahim: “Nə içirsiniz?”- deyə soruşdu. Qadın: “Su (içirik)”, – deyə cavab verdi. İbrahim dua edib dedi: “Allahım, bunların yediyi ətə və içdiyi suya bərəkət ver!”
Peyğəmbər ﷺ demişdir: “O vaxt onlarda buğda yox idi. Əgər yedikləri buğda olsaydı, İbrahim bunun üçün də Allahdan xeyir-bərəkət diləyərdi”.
İbn Abbas (Allah ondan razı olsun) dedi: “Kim Məkkənin xaricində yalnız ət və su ilə qidalanarsa, bunun ona zərəri dəyər”. (Sonra o, rəvayətinə davam edib) dedi: “İbrahim buyurdu: “Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını qorusun”. İsmail evə qayıtdıqda zövcəsindən: “Bizə gələn olubmu?”- deyə soruşdu. Qadın dedi: “Bəli, üzündən xeyirxahlıq yağan ixtiyar bir qoca gəlmişdi”. Qadın onu təriflədikdən sonra dedi: “O məndən səni soruşdu, mən də ona sənin haqqında xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona vəziyyətimizin çox yaxşı olduğunu söylədim”. İsmail soruşdu: “O sənə bir şey  tövsiyə etdimi?” Qadın dedi: “Bəli, o mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını qoruyasan”. İsmail dedi: “O gələn mənim atam idi. Evimizin astanası isə sənsən. O mənə səndən möhkəm yapışmağı tövsiyə etdi”. Allah istədiyi qədər İbrahim onlardan ayrı yaşadıqdan sonra yenə onlara baş çəkməyə gəldi. Həmin vaxt İsmail Zəm-zəmin yanında bitmiş böyük bir ağacın altında oturub oxlarının ucunu itiləyirdi. Atasını görcək ayağa qalxıb ona yaxınlaşdı və ata ilə oğul bir-birini bərk-bərk qucaqlayıb görüşdülər. Sonra İbrahim dedi: “Ey İsmail! Allah mənə (vacib) bir işi yerinə yetirməyi buyurub”. İsmail dedi: “Rəbbinin sənə buyurduğunu yerinə yetir.” İbrahim soruşdu: “Mənə kömək edərsənmi?” İsmail: “Sənə kömək edərəm”, – dedi. İbrahim: “Allah mənə burada bir ev tikməyi əmr etdi”, – deyib ətrafındakı hündür təpəni (Kəbənin bünövrəsi olan yeri ) ona göstərdi. Beləliklə də, onlar (müqəddəs) Evin bünövrəsini qaldırmağa başladılar. İsmail daş daşıyır, İbrahim də (onu) bina edirdi. Evin divarları ucaldıqdan sonra İsmail bu daşı gətirib yerə qoydu. İbrahim də onun üstünə çıxıb tikintini davam etməyə başladı. (Yenə) İsmail daş gətirir, İbrahim də (onu) tikirdi. Onlar (işlərini görə-görə) deyirdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” Onlar divarın cərgələrini tikə-tikə Kəbənin ətrafına dövrə vururdular və deyirdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” (əl-Buxari, 3113, 3364). Hədisi Abd ibn Humeyd tam şəkildə rəvayət etmişdir. Həmçinin İbn Əbu Hatim və İbn Cərir müxtəsər olaraq rəvayət etmişlər. İbn Mərdəveyh isə hədisi başqa isnadla İbn Abbasdan (Allah ondan razı olsun) tam olaraq rəvayət etmişdir.
[Sonra müəllif əl-Hafiz İbn Kəsir yenə əl-Buxarinin “Səhih” əsərindən İbn Abbasdan (Allah ondan razı olsun) bu mənada olan başqa bir hədis gətirmiş, sonra da demişdir:] “Təəccüblü olan budur ki, bu hədisi Əbu Abdullah əl-Hakim özünün “əl-Mustədrək” əsərində gətirmiş və demişdir: “Hədis əl-Buxari və Muslimin şərtindədir, lakin kitablarında rəvayət etməmişlər”. (əl-Hafizin təəccüblənməsinə səbəb budur ki, əl-Hakimin öz “əl-Mustədrək” əsərində əl-Buxari və Muslimin şərtində olub, lakin əl-Buxari və Muslimin “Səhih” əsərlərində gəlməyən hədisləri cəm etməyi qarşısına məqsəd qoymuşdur. Bu hədis əl-Buxarinin “Səhih” əsərində olduğu halda əl-Hakimin onu “əl-Mustədrək” əsərində gətirməsi kitabın şərtinə ziddir). Gördüyün kimi, hədisi əl-Buxari rəvayət etmişdir. [Sonra İbn Kəsir Əlidən və İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan hədislər və bəzi tabiinlərdən əsərlər zikr etmişdir. Bu hədisləri və əsərləri qeyd etməyi ehtiyac görmədik. Sonra İbn Kəsir demişdir:] “əl-Buxari Uca Allahın “O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər” ayəsi barədə demişdir: “الْقَوَاعِدُ [əl-qavə:idu] “bünövrələr” dedikdə “evin əsası” nəzərdə tutulur, təki قَاعِدَةٌ [qa:idətun] sözüdür. Həmçinin bu söz ərə getməkdən ümidini üzmüş yaşlı qadına da deyilir. (Uca Allahın buyurur: “Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir” (ən-Nur, 60). Sonra əl-Buxari Peyğəmbərin ﷺ zövcəsi Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ ona demişdir: “Məgər görmürsənmi qövmün Kəbəni tikərkən İbrahimin tikdiyi bünövrədən kiçik tikmişlər?” Mən dedim: “Bəlkə, onu İbrahimin tikdiyi bünövrəyə qaytarasan?!” Peyğəmbər ﷺ dedi: “Əgər sənin qövmün cahiliyyə dövrünə yaxın bir zamanda yaşamasaydı, bunu edərdim”. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Əgər Aişə bunu Peyğəmbərdən ﷺ eşitmişdirsə, o zaman Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun - təvaf edərkən) Hicrə (Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divara) yaxın olan iki küncə toxunmamasının səbəbini Kəbənin İbrahimin tikdiyi bünövrə üzərində tamamlanmadığında görürəm”. (əl-Hakim, 807; Muslim, 3306; ən-Nəsəi “Sunən” 2851, 2900. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 43). Muslim və ən-Nəsəi ravəyət etmişlər. Muslim Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Əgər sənin qövmün cahiliyyət dövrünə və ya küfr dövrünə yaxın bir zamanda yaşamasaydı (müqəddəs Evin quruluşunun dəyişilməsinin onlarda nifrət oyadacağından qorxmasaydım), mən Kəbənin üzərindəki xəzinəni (qızıl, gümüş kimi qiymətli şeyləri) Allah yolunda xərcləyərdim, qapını yerdən qoyardım və Hicri (Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divarı) Kəbəyə birləşdirərdim”. (Muslim, 400, 2369, 3307).
Muslim Abdullah ibn əz-Zubeyrin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Xalam, yəni Aişə demişdir: “(Bir dəfə) Peyğəmbər ﷺ mənə dedi: “Ey Aişə! Əgər sənin qövmün şirkdən yenicə çıxmış olmasaydı, mən Kəbəni söküb yerdən tikərdim. (İnsanların girib-çıxması üçün) iki qapı – birini şərq tərəfdən, birini də qərb tərəfdən qoyardım. Hicrdən də altı dirsək Kəbəyə daxil edərdim. Həqiqətən, Qureyş Kəbəni tikərkən buna maddi imkanı çatmamışdır”. (Muslim, 401, 2370, 3308).
 
İbrahimdən sonra Muhəmməd Peyğəmbərin ﷺ göndərilməsindən beş il əvvəl Qureyşin Kəbəni tikməsi (Kəbənin tikilməsi barədə müəllifin “Tarix” kitabına baxa bilərsiniz (1/163–166 və 2/298–305), (Əhməd Şakir).
 
Peyğəmbər ﷺ Kəbənin tikilməsində iştirak etmiş və onlarla (Qureyşlə) birlikdə daş daşımışdı. Bu vaxt Peyğəmbər ﷺ otuz beş yaşında idi. Allahın salavatı və salamı Qiyamət gününə qədər onun üzərinə olsun!
Muhəmməd ibn İshaq ibn Yəsər “Peyğəmbərin həyatı” kitabında demişdir: “Peyğəmbər ﷺ otuz beş yaşına çatdıqda Qureyşlilər Kəbəni yenidən inşa etmək üçün toplaşdılar. Onlar Kəbənin damını örtmək istəyirdilər, lakin Kəbəni sökməkdən qorxurdular. Kəbə insan boyu qədər daşlardan tikilmişdi. Onlar Kəbəni yüksəldib tavanını örtmək istəyirdilər. O vaxt Məkkədə qibti (Misirli) bir dülgər vardı. Dülgər üçün lazım olan bəzi şeyləri (alətlər) gətirdilər. Kəbəni söküb yenidən tikmək qərarına gəldikdə Vahb ibn Amr ibn Aiz ibn Abd ibn İmran ibn Məxzum qalxıb dedi: “Ey Qureyşlilər! Kəbəni tikmək üçün yalnız halal olan qazancınızı sərf edin. Ona zinakar qadının qazandığı pulu, faizlə alış-verişdən əldə etdiyiniz qazancı və başqalarına zülm etməklə əldə etdiyiniz şeyləri daxil etməyin!” Sonra Qureyşlilər Kəbəni tikməyi hissələrə böldülər. Qapı hissəsi Abdumanaf və Zəhra oğullarına, Qara daşla Yəmən küncü arasındakı hissə Məxzum oğullarına və onlara əlavə olunan Qureyş qəbilələrinə düşdü. Kəbənin arxası isə Cuməh və Səhm oğullarına düşdü. Hicr (Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divar) hissəsi Abduddər ibn Quseyy, Əsəd ibn Abduluzza ibn Quseyy və Adiy ibn Kəb ibn Luey oğullarına düşdü. Bu hissə əl-Hatim adlanır. Kəbənin sökülməsi bünövrəyə – İbrahimin bünövrəsinə çatdıqda biri-birinin içinə girmiş dişlər kimi yaşıl daşlara çatdılar. Sonra Qureyşli qəbilələr Kəbəni tikmək üçün daş yığdılar. Hər qəbilə özünə ayrı daş yığırdı. Sonra tikməyə başladılar və gəlib Qara daş olan yerə çatdılar. İş gəlib Qara daşı yerinə qoymağa çatanda qəbilələr arasında mübahisə yarandı. Hər qəbilə Qara daşı özü yerinə yerləşdirmək istəyirdi. Münaqişə o qədər böyüdü ki, hətta döyüş üçün hazırlıq gördülər. Abduddər oğulları qanla dolu bir qab gətirdilər. Sonra onlar və Adiy ibn Kəb ibn Luey oğulları əllərini bu qana bulaşdırmaqla ölümə getməyə hazır olduqlarına söz verdilər. Bu səbəbdən onlara “qan yalayanlar” adı verildi. Qureyşlilər dörd və ya beş gün bu halda qaldılar. Sonra məsciddə toplanaraq müşavirə edib razılığa gəlməyə çalışdılar.
Hadisəni danışanlardan bəziləri iddia edirlər ki, Əbu Umeyyə ibn Muğirə ibn Abdullah ibn Ömər ibn Məxzum – o vaxt Qureyşlilərin ən yaşlısı o idi – dedi: “Ey Qureyşlilər! Bu məscidin qapısından ilk içəri girəni aranızda hakim təyin edin, qoy sizin aranızda o hökm versin!” Belə də etdilər. Məscidin qapısından ilk girən Peyğəmbər ﷺ oldu. Onlar Peyğəmbərin ﷺ girdiyini gördükdə: “Bu Muhəmməddir, o ən etibarlı adamdır, onun hakim olmasına razı olduq”, – dedilər. Peyğəmbər ﷺ onların yanına gəldi və onlar ona vəziyyəti bildirdilər. Peyğəmbər ﷺ dedi: “Mənə bir paltar verin”. Bir paltar gətirdilər. Peyğəmbər ﷺ Qara daşı əlləri ilə götürərək paltarın üzərinə qoydu. Sonra dedi: “Hər qəbilə paltarın bir tərəfindən tutsun. Sonra bir yerdə onu qaldırın”. Belə də etdilər. Qara daşı yerinə qoymağa gəlib çatanda Peyğəmbər ﷺ onu öz əlləri ilə yerinə qoydu və üstünü düzəltdi. Qureyşlilər vəhy nazil olmamışdan əvvəl Peyğəmbərə ﷺ əl-Əmin (ən etibarlı adam) adını vermişdilər. Peyğəmbərin ﷺ dövründə Kəbənin hündürlüyü on səkkiz dirsək idi. Üzərinə isə Misirdə toxunan əl-Qabəta adlanan bir örtük örtülmüşdü. Daha sonra Yəməndə toxunan və əl-Burud adlanan bir örtüklə örtüldü. İlk dəfə Kəbəni ipək örtüklə örtən Həccəc ibn Yusuf olmuşdur”. (“Sira” kitabında İbn İshaqın sözü daha uzundur. Bax: İbn Hişamın “Sira” kitabı (səh. 122–126, Urba çapı). əl-Hafiz İbn Kəsir burada İbn İshaqın sözünü ixtisar etmişdir. Mən də bir çox hissəsini ixtisar etdim və mövzuya münasib olan zəruri məlumatları saxladım. (Əhməd Şakir).
Mən deyirəm: “Qureyşlilərin tikdiyi Kəbə hicrətin 60-cı ilindən sonra Abdullah ibn əz-Zubeyrin (Allah ondan razı olsun) əmirliyinin başlanğıcında (Şam tərəfdarlarının Kəbəyə hücumu nəticəsində) alışıb-yanana qədər davam etdi. Bu, Muaviyənin (Allah ondan razı olsun) oğulu Yezidin hakimiyyəti dövrünə təsadüf edirdi. Yəzid tərəfdarları İbn əz-Zubeyri (Allah ondan razı olsun) Kəbədə mühasirəyə aldıqda İbn əz-Zubeyr Kəbəni söküb İbrahimin (ona salam olsun) bünövrəsi üzərində yerdən tikdi. Hicri (Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divarı) Kəbəyə bitişdirdi. Şərq və qərb tərəfdə yerə bitişik olan iki qapı qoydu. Eynilə xalası, möminlərin anası Aişənin (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ nəql etdiyi hədisdə olduğu kimi. Onun əmirliyi müddətində Kəbə belə qaldı. Sonda Həccac İbn əz-Zubeyri (Allah ondan razı olsun) öldürdü və Abdul-Məlik ibn Mərvanın əmri ilə Kəbəni əvvəlki şəklinə qaytardı. Muslim ibn əl-Həccəc “Səhih” əsərində Ətadan rəvayət etmişdir ki, Yəzid ibn Muaviyənin zamanında Şam tərəfdarlarının Kəbəyə hücumu nəticəsində Kəbə yandı və sonra olanlar oldu. İbn əz-Zubeyr (Allah ondan razı olsun) onu (Kəbəni) camaat həcc mövsümünə gələnə kimi olduğu vəziyyətdə (yanmış halda) saxladı. Bununla o, camaatı Şam əhlinin üzərinə qaldırmaq, onlarla müharibə etməyə çağırmaq istəyirdi. İnsanlar həcci bitirdikdən sonra onlara belə xitab etdi: “Ey insanlar! Mənə Kəbə haqda rəyinizi söyləyin. Onu söküb yenidən tikim, yoxsa ondan dağılanı təmir edim?” Abdullah ibn Abbas (Allah ondan razı olsun) dedi: “Mən belə düşünürəm ki, ondan dağılanı təmir edəsən və Evi insanlar İslama daxil olarkən olduğu kimi, daşlarını da insanlar İslama daxil olarkən və Peyğəmbər ﷺ göndərilən zaman olduğu kimi saxlayasan”. İbn əz-Zubeyr (Allah ondan razı olsun) dedi: “Sizlərdən birinizin evi yansa, onu təzələməyincə könlü rahat olmaz. Bəs əgər bu ev Rəbbinizin Evidirsə onda necə!? Mən Rəbbimə üç dəfə istixarə edəcəyəm, sonra istədiyim işə qərar verəcəm”. Üç gecə keçdikdən sonra Evi yenidən tikmək üçün sökmək qərarına gəldi. İnsanlar bu Evin üzərinə ilk çıxan adamın başına səmadan bir bəla enəcəyindən qorxduqları üçün Kəbəni sökməkdən çəkinirdilər. Nəhayət, bir kişi onun üzərinə qalxaraq bir daş atdıqda ona heç bir şey olmadığını görən insanlar tökülərək evi torpağa çatana kimi sökdülər. O, tikilənə qədər İbn əz-Zubeyr (Allah ondan razı olsun) (qiblə) əvəzinə dirəklər qoydurdu və üzərinə örtük salındı. Nəhayət, tikilib qurtardıqda İbn əz-Zubeyr (Allah ondan razı olsun) belə dedi: “Aişənin belə dediyini eşitdim: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “İnsanlar küfrdən yenicə çıxmış olmasaydılar, mən Divardan (Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divar) beş dirsək qədərini Kəbəyə əlavə edərdim. İnsanların girib-çıxa bilməsi üçün giriş və çıxış qapısı qoyardım. Lakin məndə bu gün bunu etməyə maddi vəsait yoxdur”. Sonra İbn əz-Zubeyr (Allah ondan razı olsun) belə dedi: “Məndə isə bu gün bunu etməyə maddi vəsait var və insanlardan da qorxmuram”. İbn əz-Zubeyr (Allah ondan razı olsun) Hicrdən beş dirsək Kəbəyə əlavə etdi, evin (İbrahimin qoyduğu) bünövrəsini insanlara göstərdi və onun üzərinə Evi yenidən inşa etdi. Kəbənin hündürlüyü on səkkiz dirsək idi. İbn əz-Zubeyr (Allah ondan razı olsun) Hicri Kəbəyə artırdıqdan sonra Kəbənin uzunluğunu kiçik hesab edərək on dirsək də artırdı. Ona iki qapı qoyuldu, biri girmək üçün, o biri isə çıxmaq üçün. İbn əz-Zubeyr (Allah ondan razı olsun) öldürüldüyü vaxt Həccac Abdul-Məlik ibn Mərvana bu xəbəri yazdı və İbn əz-Zubeyrin (Allah ondan razı olsun) Məkkə əhlindən adil kimsələrin rəyi ilə Kəbəni başqa bir təməl üzərinə inşa etdiyini də xəbər verdi. Abdul-Məlik ona belə yazdı: “Biz İbn əz-Zubeyrin xarab etdiyi heç bir şeydə yoxuq. Hündürlüyündəki dəyişikliyə toxunma. Amma Hicirdən etdiyi əlavəni yerinə qaytar və açdığı qapını bağla”. O da onu sökərək əvvəlki şəklinə qaytardı”. (Muslim, 2228, 3126).
Bu hədisdə Aişənin (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ eşitdiyi hissəni ən-Nəsəi rəvayət etmişdir.  Bu hekayəti isə rəvayət etməmişdir. (ən-Nəsəi “Sunən” 2861, 2910. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5323). Əslində, İbn əz-Zubeyrin (Allah ondan razı olsun) etdiyi sünnəyə uyğun idi, çünki Peyğəmbərin ﷺ də etmək istədiyi bu idi. Lakin İslamı yeni qəbul etmiş və küfrdən yeni çıxan insanların qəlblərində bu əməli inkar etmələrindən qorxurdu. Ancaq Abdul-Məlik ibn Mərvan bu sünnədən xəbərsiz idi. Bu səbəbdən o, Aişənin (Allah ondan razı olsun) bu hədisi Peyğəmbərdən ﷺ rəvayət etdiyini yəqin bildikdən sonra demişdir: “Kaş ki onu İbn əz-Zubeyrin tikdiyi kimi tərk edərdim”. Muslim Əbu Qazəadan belə rəvayət edir: “Abdul-Məlik ibn Mərvan Kəbəni təvaf edərkən belə dedi: “Allah İbn əz-Zubeyri öldürsün. Möminlərin anasının adından yalan danışaraq deyir ki: “O (Aişə) Peyğəmbərdən ﷺ belə eşitmişdir: “Ey Aişə, əgər sənin qövmün (Qureyş) küfrdən yeni çıxmış olmasaydı, Evi (Kəbəni) söküb, Hicrdən ona artıraraq yenidən tikərdim. Çünki sənin qövmün onu tam tikməmişdir”. əl-Həris ibn Abdullah ibn Əbu Rabiə dedi: “Ey möminlərin əmiri, belə demə! Mən möminlərin anasının belə danışdığını eşitmişəm”. O belə buyurdu: “Kaş ki bunu onu sökməmişdən qabaq eşitsəydim və Kəbəni İbn əz-Zubeyrin tikdiyi kimi tərk edərdim”. (Muslim, 2373, 3312). Bu hədisin isnadı qəti olaraq möminlərin anası Aişəyə (Allah ondan razı olsun) nisbət olunmuş kimidir, çünki bu hədis Aişədən (Allah ondan razı olsun) çoxsaylı səhih yollarla Əsvəd ibn Yezid, əl-Həris ibn Abdullah ibn Əbu Rabiə, Abdullah ibn əz-Zubeyr, Abdullah ibn Muhəmməd ibn Əbu Bəkr əs-Siddiq və Urva ibn əz-Zubeyrdən (Allah onlardan razı olsun) rəvayət edilmişdir. Bütün bunlar Abdullah ibn əz-Zubeyrin (Allah ondan razı olsun) etdiyinin doğru olduğunu göstərir. Əgər Abdul-Məlik Kəbəni olduğu kimi (Abdullah ibn əz-Zubeyrin tikdiyi kimi) tərk etsəydi, daha yaxşı olardı. Lakin Kəbə bu halda tərk olunduqdan sonra bəzi alimlər Kəbənin quruluşunun dəyişdirilməsini bəyənməmişlər. Necə ki möminlərin əmiri Harun ər-Raşid və ya onun atası əl-Mehdi İmam Malikdən Kəbəni söküb İbn əz-Zubeyrin (Allah ondan razı olsun) tikdiyi köhnə halına qaytarmaq barədə soruşduqda İmam Malik ona demişdir: “Ey möminlərin əmiri! Allahın Kəbəsini hökmdarların oyuncağına çevirmə! (Əgər sən belə etsən, səndən sonra gələnlərdən) istəyən onu söküb istədiyi kimi tikəcək”. (İmam Malikin bu sözünün mənası budur ki, əgər sən bunu etsən, səndən sonra gələn hökmdarlardan hər kəs Kəbənin tikilişində öz adının xatırlanmasını umaraq Kəbəni söküb yenidən tikəcək). Bundan sonra Harun ər-Raşid Kəbəni sökməkdən imtina etdi. Bu rəvayəti İyad və ən-Nəvəvi nəql etmişlər. Kəbənin bu halı – ən doğrusunu Allah bilir – Qiyamətə yaxın (yer üzündə tövhid əhli qalmayacağı bir zamanda) həbəşistanlı, nazik ayaqlı bir nəfər onu sökənə qədər davam edəcək. əl-Buxari və Muslim eyniadlı “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Kəbəni həbəşistanlı, nazik ayaqlı bir nəfər dağıdacaq”. (əl-Buxari, 1488, 1591). İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ belə rəvayət edir: “Mən sanki qaradərili (bir adamın) ayaqları aralı vəziyyətdə durub Kəbənin daşlarını bir-bir sökdüyünü görürəm”. (əl-Buxari, 1492, 1595). Hədisi əl-Buxari rəvayət etmişdir. İmam Əhməd Abdullah ibn Amr ibn Asdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, o, Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kəbəni həbəşistanlı, nazik ayaqlı bir nəfər dağıdacaq. Onun bəzəklərini söküb, örtüyünü çıxaracaq. Mən sanki balacaboy, keçəl və ayaqları əyri bir kişinin külüngü və lingi ilə Kəbənin daşlarını bir-bir sökdüyünü görürəm”. Əyriayaq dedikdə baldırla topuq arasındakı əyrilik nəzərdə tutulur. Bu hadisə (Kəbənin sökülməsi) – Allah daha yaxşı bilir – Yəcuc və Məcuc tayfasının (“əl-Kəhf” surəsinin 93–99-cu ayələrinə bax). çıxmasından sonra olacaq. Buna dəlil isə əl-Buxarinin “Səhih” əsərində Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) gələn hədisdir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Yəcuc və Məcuc tayfaları çıxdıqdan sonra da insanlar həcc və ümrə niyyəti ilə (müqəddəs) Evi ziyarət edəcəklər”. (əl-Buxari, 1490, 1593).
Uca Allah İbrahim və İsmailin duasından danışaraq buyurur: “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəslimizi də Sənə təslim olacaq bir ümmət et! Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”
İbn Cərir demişdir: “İbrahim və İsmail bu dua ilə demək istəyirlər ki, “Ey Rəbbimiz! Bizi Sənin əmrinə təslim olanlardan, Sənə itaətkarlıqla boyun əyənlərdən, itaətdə heç kəsi Sənə şərik qoşmayanlardan və Səndən başqa heç kəsə ibadət etməyənlərdən et!” “Nəslimizdən də Sənə təslim olan bir ümmət et”. əs-Suddi demişdir: “Ayədə “nəslimizdən də” dedikdə ərəblər nəzərdə tutulur”. İbn Cərir demişdir: “Doğru olan budur ki, “nəslimizdən də” sözü ərəbləri və digərlərini əhatə edir, çünki İsrail oğulları da İbrahimin (ona salam olsun) nəslindəndir. Uca Allah onlar barədə buyurur: “Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (“əl-Əraf”, 159).
Mən deyirəm: “İbn Cəririn bu sözü əs-Suddinin dediyini inkar etmir, çünki buradakı “nəslimizdən də” sözünün ərəblərə aid edilməsi digərlərinin də ora daxil olmasını istisna etmir. Lakin ayənin məzmunundan aydın olur ki, söhbət ərəblərdən gedir. Bu səbəbdən sonrakı ayədə: “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin!”- buyurur. Bu ayədə nəzərdə tutulan da Muhəmməd Peyğəmbərdir ﷺ. O isə ərəblərə göndərilmişdir. Necə ki Uca Allah buyurur: “Savadsızlara özlərindən elçi göndərən Odur” (“əl-Cumuə”, 2). Bununla belə, bu ayələr Muhəmmədin ﷺ qırmızı və qaradərililərə də peyğəmbər göndərilməsini inkar etmir, çünki Uca Allah buyurur: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm” (“əl-Əraf”, 158). Bu mövzuda bir çox digər qəti dəlillər var.
İbrahim və İsmailin (onlara salam olsun) bu duası, Uca Allahın xəbər verdiyi kimi, müttəqi və mömin qulların duasıdır. Uca Allah buyurur: “Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (“əl-Furqan”, 74). Allaha bu cür dua etmək və Allahdan bu cür qəzavü-qədər diləmək şəriətlə bəyənilir. Belə ki qulun öz nəslindən gələnlərin də şəriki və bənzəri olmayan Allaha ibadət etməsini istəməsi Allaha olan sevgisinin və ibadətinin kamilliyindəndir. Bu səbəbdən Uca Allah İbrahimə “Mən səni insanlara imam edəcəyəm!”- dedikdə İbrahim: “Nəslimdən də (imam et)!”- dedi. Uca Allah da: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”- dedi. İbrahimin (ona salam olsun) bu duası “Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır” (“İbrahim”, 35) duası ilə eynidir. Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Adəm övladı öldükdə üç şeydən başqa onun bütün əməlləri kəsilir (savabı bitir). Bu üç əməl onun qoyduğu daimi sədəqə, faydalı elm və onun üçün dua edən əməlisaleh bir övladdır”. (Muslim, 3084, 4310).
(İbrahim (ona salam olsun) duasında deyir:) “Bizə ibadət (Həcc) qaydalarını göstər!” Əta demişdir: “Yəni (Həcc) qaydalarını üzə çıxart və bizə öyrət”. Abdullah ibn Abbasın (Allah ondan razı olsun) belə dediyi nəql edilir: “İbrahimə (ona salam olsun) Həcc qaydaları göstərildikdə şeytan ona Səfa və Mərva dağları arasında göründü. İbrahim (ona salam olsun) şeytanı qabaqladı. Sonra Cəbrail onu Minaya gətirdi və dedi: “İnsanların qalacaqları yer bura olacaqdır”. Böyük Sütuna (Burada Həcc mərasimində daş atılan sütunlardan ən böyüyü qəsd edilir. Buna da ərəbcə جَمَرَةُ الْعَقَبَة “cəmərətul-aqabə”deyilir). (Cəmərətul-Aqabə) çatdıqda şeytan ona hücum etdi. İbrahim (ona salam olsun) də yeddi daşla onu daşladı və şeytan qaçdı. Sonra Orta Sütuna (Cəmərətul-Vusta) gəldi və şeytan yenə ona göründü. İbrahim də yeddi daşla onu daşladı və şeytan qaçdı. Sonra Uzaq Sütuna (Bu sütun Minadan o biri sütunlara nisbətən daha uzaq olduğu üçün ona “əl-Cəmərat əl-Qusvə” (uzaq sütun) deyilir. Eyni zamanda Xeyf məscidinə digər sütunlardan daha yaxın olduğundan bu sütuna “əl-Cəmərat əd-Dunyə” (yaxın sütun) deyilir. Ona həmçinin “əl-Cəmərat əs-Suğra” (kiçik sütun) da deyirlər. Hacılar Zülhiccənin 11, 12 və (Minada qalanlar üçün) 13-ü məhz bu sütundan başlayıb ardıcıl olaraq sütunların hər birinə yeddi daş atmalıdırlar). (Cəmərətul-Qusvə) gəldi və şeytan yenə ona göründü. İbrahim (ona salam olsun) də yeddi daşla onu daşladı və şeytan qaçdı. Sonra onu Müzdəlifəyə (Müzdəlifə – Mina ilə Arafa arasında yerləşən bir ərazinin adıdır. İnsanlar Arafanı tərk etdikdən sonra Minaya gedərkən burada cəmləşdiyi üçün belə adlanmışdır). gətirdi və dedi: “Bura Məşərul-Haramdır”. Sonra onu Arafaya gətirdi və dedi: “Bura Arafadır”. Sonra Cəbrail (ona salam olsun) ondan soruşdu: “Dediklərimi bildinmi?” (Bu hədis uzun bir hədisin bir hissəsidir. Hədisi ət-Tayəlisi “Musnəd” əsərində (2697) və İmam Əhməd eyni adlı əsərində (2707-2708) rəvayət etmişlər (Əhməd Şakir). Əhməd, 2707. Hədis səhihdir. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
əl-Bəqərə, 129
رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
129. Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!

 
Bu ayədə Uca Allah İbrahimin (ona salam olsun) Məkkə əhalisi üçün etdiyi duanın tamamını bildirərək buyurur: “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun”, yəni İbrahim (ona salam olsun) Allahdan, onlara öz aralarından bir peyğəmbər göndərməsini və bu peyğəmbərin İbrahimin (ona salam olsun) nəslindən gəlməsini diləyir. İbrahimin (ona salam olsun) qəbul olunan bu duası Allahın Muhəmmədi ﷺ yazıb-oxumağı bacarmayan bir topluma (ərəblərə) və qeyri-ərəblərə – bütün insanlara və cinlərə peyğəmbər göndərməsi təqdirinə müvafiq olmuşdur. Necə ki İmam Əhməd İrbad ibn Səriyədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Adəm hələ torpağa qarışıq halda olarkən mən artıq Allah qatında peyğəmbərlərin sonuncusu idim. Sizə bunun (peyğəmbərliyin) başlanğıcını xəbər verəcəyəm; (Peyğəmbərlik) atam İbrahimin duası, İsanın müjdəsi və anamın gördüyü yuxu ilə başlamışdır. Bütün peyğəmbərlərin anaları belə yuxu görürlər”. (“Musnəd” (17217, 17218, 17230). Hədisin sənədləri səhihdir. Hədisi ət-Tabəri rəvayət etmişdir (2071–2073). Hədisin təxricini ətraflı bu kitabda gətirmişik (Əhməd Şakir). Əhməd, 17190, 17203, 17280. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 2085).
Həmçinin Əbu Uməmədə (Allah ondan razı olsun) rəvayət olunur: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi! Peyğəmbərliyin başlanğıcı necə olmuşdur?” Peyğəmbər ﷺ dedi: “Atam İbrahimin duası mənəm, Məryəm oğlu İsanın müjdəsi mənəm və anamın (yuxuda) özündən bir nur çıxıb Şam diyarının evlərinə işıq saçdığını görməsi mənəm”. (“Musnəd” (5/139, Hələb çapı). Hədisi ət-Tayəlisi (1140), ət-Tabərani, İbn Mərdəveyh və əl-Beyhəqi də rəvayət etmişlər. Necə ki “əd-Durrul-Mənsur” kitabında bildirilir (1/139). Hədisin isnadında əl-Fərəc ibn Fudalə var və o, zəifdir. Lakin bu hədis əvvəlki hədisi gücləndirmək üçün keçərlidir (Əhməd Şakir). Əhməd, 22315, 22616, 22261; İbn Kəsir “əl-Bidayə vən-Nihayə” 2/275. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1545).  
Burada qəsd olunan budur ki, insanlar arasında Peyğəmbəri ﷺ zikr etməklə tərifləyən ilk dəfə İbrahim (ona salam olsun) olmuşdur. O, İbrahimdən (ona salam olsun) sonra da insanlar arasında davamlı olaraq xatırlanır və tanınırdı. Nəhayət, İsrail oğullarının nəslindən gələn ən son peyğəmbər Məryəm oğlu İsa (ona salam olsun) İsrail oğullarına səslənərək onun adını açıqladı və dedi: “Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə sizi müjdələyən bir elçisiyəm!” (“əs-Saff”, 6). Bu səbəbdən hədisdə: “Atam İbrahimin duası mənəm və Məryəm oğlu İsanın müjdəsi mənəm”, – demişdir. (İbn Asakir “ət-Tarix” 1/265/2; İbn Səd “ət-Tabaqat” 1/102. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1546).  
Peyğəmbərin ﷺ: “Anamın (yuxuda) özündən bir nur çıxıb Şam diyarının evlərinə işıq saçdığını görməsi mənə işarədir” sözünə gəlincə, alimlər deyirlər ki, bu, Peyğəmbərin ﷺ anasının ona hamilə olduğu vaxtda gördüyü bir yuxudur. Anası bu yuxunu qövmü arasında danışmışdı və beləcə bu xəbər qövmü arasında yayılmış və Peyğəmbər ﷺ insanlar arasında məşhur olmuşdu. Bu, peyğəmbərliyin müjdəsinin bir başlanğıcı idi. Hədisdə peyğəmbərliyin nurunun xüsusi olaraq Şam diyarını işıqlandırması Peyğəmbərin ﷺ dininin Şam diyarında sabitlik tapıb qərarlaşmasına işarədir. Bu səbəbdən Şam diyarı axır zamanda İslamın və müsəlmanların istehkamı olacaqdır. Məryəm oğlu İsa ﷺ da zühur etdiyi zaman Şamın şərq tərəfində olan ağ minarəyə enəcək. Bu səbəbdən əl-Buxari və Muslimdə gələn hədisdə Peyğəmbər ﷺ demişdir: “Bu ümmətdən bir toplum Allahın əmri gəlincəyə qədər (Qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq və belələrini alçaltmaq istəyənlər və bu topluma müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər”. (əl-Buxari, 69, 71). əl-Buxaridə gələn rəvayətdə isə “Onlar Şamda ikən” ifadəsi əlavə edilmişdir.
Uca Allah buyurur: “Kitabı və hikməti onlara öyrətsin”. əl-Həsən, Qatədə, Muqatil ibn Həyyən, Əbu Malik və başqaları demişlər ki, ayədə “Kitab” dedikdə Quran, “hikmət” dedikdə isə Sünnə (hədislər) nəzərdə tutulur. Bəzi alimlər isə demişlər: “Hikmət dedikdə din anlayışı nəzərdə tutulur”. Bu iki rəy arasında heç bir ziddiyyət yoxdur.
Uca Allah buyurur: “və onları günahlardan təmizləsin!” İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni onları Allaha itaətə və ixlaslı olmağa çağırmaqla qəlblərini təmizləsin”. İbn İshaq demişdir: “Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin” – ayəsinin mənası budur ki, onlara xeyri öyrətsin ki, ona əməl etsinlər. Şəri bildirsin ki, ondan qorunsunlar. Habelə Allaha itaət etdikləri təqdirdə Allahın onlardan razı qalacaqlarını bildirsin ki, Allaha itaətlərini çoxaltsınlar və Allahı qəzəbləndirəcək əməllərdən və günahlardan çəkinsinlər”.
Uca Allah ayənin sonunda buyurur: “Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”, yəni Qüdrətlidir, heç kəs Ondan yaxa qurtara bilməz. O hər şeyə Qadirdir. O, etdiklərində və dediyi sözlərdə Hikmətlidir. O Öz elmi, hikməti və ədaləti ilə hər şeyi öz yerinə qoyur.
əl-Bəqərə, 130-132
وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَنْ سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ * إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ * وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ
130. Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, Axirətdə də əməlisalehlərdən olacaqdır.
131. Rəbbi ona: “Təslim ol!”- dedikdə o: “Aləmlərin Rəbbinə təslim oldum!”- demişdi.
132. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

 
Uca və Xeyirxah Allah bu ayədə kafirlərin uydurduqları şeyləri Ona şərik qoşmalarını rədd edərək, bunun Həniflərin (tək Allaha ibadət edənlərin) rəhbəri, Allahın sevimli dostu İbrahimin (ona salam olsun) dininə zidd olduğunu bildirir. Çünki İbrahim (ona salam olsun) hər şeydə Uca və Xeyirxah olan Rəbbini təkləşdirmişdi. Belə ki Allahdan başqasına dua etməmiş və bir an belə Ona şərik qoşmamışdır. Əksinə, Ondan başqa bütün varlıqlardan uzaqlaşaraq qövmünə qarşı çıxmış və bu səbəblə atasından belə ayrılmışdır. Necə ki Uca Allah bu xüsusda belə buyurur: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Doğrudan da, mən hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm” (“əl-Ənam”, 77–79); Həmçinin buyurur: “Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir” (“əz-Zuxruf”, 26-27); “İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, sadəcə, ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi” (“Tövbə”, 114); “Həqiqətən, İbrahim Allaha müti olan, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, Axirətdə də əməlisalehlərdəndir” (“ən-Nəhl”, 120–122). Bu səbəbdən Uca Allah buyurur: “Səfeh olanlardan başqa, kim İbrahimin dinindən üz çevirər?”, yəni kim İbrahimin (ona salam olsun) yolundan və mənhəcindən üz çevirərək ona qarşı çıxar və uzaqlaşar? “Səfeh olanlardan başqa”, yəni səfehliyindən və düzgün seçim etməyi bacarmadığından haqqı azğınlığa dəyişmiş və bununla nəfsinə zülm etmiş kəsdən başqa. Belə ki həmin kəs gənc yaşlarından ta ki Allah tərəfindən dost seçilənə qədər dünyada hidayət və düz yol göstəricisi olan bir insanın (İbrahimin) yoluna müxalif olmuşdur. İbrahim (ona salam olsun) Axirətdə də xoşbəxt və əməlisalehlərdən olacaqdır. Belə bir insanın tutduğu yolu gətirdiyi dini tərk edib, azğınlıq və zəlalət yolunu tutan kəsdən daha səfeh kim ola bilər? Bundan daha böyük bir zülm ola bilərmi? Necə ki Uca Allah buyurur: “Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (“Loğman”, 13).
Əbul-Aliyə və Qatədə demişlər: “Bu ayə yəhudilər barədə nazil olmuşdur. Onlar Allah qatından gəlməyən bir yol uydurmuşlar və tutduqları bu yolda İbrahimin (ona salam olsun) dininə müxalif olmuşlar. Bu sözün doğruluğunu Uca Allahın bu ayəsi təsdiqləyir: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır” (“Ali İmran”, 67-68). Uca Allah buyurur: “Rəbbi ona: “Təslim ol!”- dedikdə o: “Aləmlərin Rəbbinə təslim oldum!”- demişdi”, yəni Allah ona (əməllərində və ibadətlərində) ixlaslı olmağı və təslimiyyətlə Ona boyun əyməyi əmr etdikdə o bu əmrə şəriətə uyğun şəkildə əməl etməklə tabe olmuşdur. Uca Allah buyurur: “İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər”, yəni İslam dininə daxil olmağı vəsiyyət etmişlər. İbrahim və Yaqub (ona salam olsun) bu dinə hərisliklərindən və bu dini sevdiklərindən ona ölüm gələnə qədər əməl etmiş, ölüm ayağında isə özlərindən sonra gələn oğullarına da ona əməl etməyi vəsiyyət edərək demişlər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”, yəni həyatda ikən bu dinə gözəl əməl edin və bu dində davamlı olun ki, Allah da sizi bu din üzərində öldürsün, çünki insan çox vaxt yaşadığı hal üzərində ölər və öldüyü hal üzərində də dirildiləcək. Səxavətli Allahın qoyduğu qanun budur ki, kim bir xeyir əməl etməyi niyyət etsə, o buna müvəffəq edilər və xeyir işləməsi onun üçün asanlaşdırılar. Kim yaxşı bir əməl etməyi niyyət edərsə, bu niyyətində sabit qalar. Bu dediklərimizlə səhih hədisdə Peyğəmbərin ﷺ dediyi: “Həqiqətən, içinizdən kimsə o qədər yaxşı işlər görə bilər ki, axırda onunla Cənnət arasında bir qarış və ya bir dirsək məsafə qalar. Lakin əzəldən yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edər və Cəhənnəmə girər. (Həmçinin) biri o qədər pis işlər görər ki, axırda onunla Cəhənnəm arasında bir qarış və ya bir dirsək məsafə qalar. Lakin əzəldən yazılmış qəzavü-qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edər və Cənnətə düşər” (Bu hədis İmam Əhmədin “Musnəd” əsərində (3624) İbn Məsuddan rəvayət olunan hədisin bir hissəsidir. Hədisi həmçinin əl-Buxari və Muslim və başqaları rəvayət etmişlər. Bu hədis “Qırx hədis” kitabında 4-cü hədisdir (Əhməd Şakir). Əhməd, 3624; əl-Buxari, 6594, 6105; Muslim, 4791-4792). sözləri arasında heç bir ziddiyyət yoxdur, çünki bu hədisin bəzi rəvayətlərində “Sizlərdən biri insanların gözündə Cənnət əhlinin əməlini edər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Sizlərdən biri insanların gözündə Cəhənnəm əhlinin əməlini edər, halbuki həmin adam Cənnət əhlindəndir” mətni gəlmişdir. Necə ki Uca Allah buyurur: “Kim haqqını verir və Allahdan qorxursa və ən gözəl olanı (lə iləhə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı (lə iləhə illəllahı) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik” (“əl-Leyl”, 5–10). (Əhməd Şakir demişdir: “Bu hədis Səhl ibn Səddən rəvayət edilən başqa bir hədisin bir hissəsidir. İbn Kəsir məna etibarilə bu hədisi əvvəlki hədisin bəzi rəvayətlərindən hesab etmişdir. Hədisi rəvayət edən səhabələr müxtəlif olduğu üçün bu hədislər eyni hədislər deyil. Səhl ibn Sədin hədisini Muslim (2/299-300) müxtəsər olaraq rəvayət etmişdir. Hədisi tam olaraq əl-Buxari (6/66) və Muslim (1/43) rəvayət etmişlər”).
əl-Bəqərə, 133-134
أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَهَكَ وَإِلَهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ * تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
133. Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”
134. Onlar bir ümmət idi ki, gəlib-getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.

 
Uca Allah İsmailin övladlarından törənən müşrik ərəblərə və İsrailin – Yaqub ibn İshaq ibn İbrahimin – oğullarından kafir olanlara dəlil gətirərək bildirir ki, Yaquba ölüm gəldikdə o öz övladlarına Tək Allaha ibadət edib, heç nəyi Ona şərik qoşmamağı vəsiyyət edərək demişdir: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahına”. Burada İsmailin (ona salam olsun) qeyd edilməsi “təğlib” (üstələmək) qəbilindəndir. (Təğlib üslubu bir toplumda sayca az olanı sayca çox olana nisbət etməyə deyilir. Adları qeyd olunan peyğəmbərlərdən ikisi (İbrahim və İshaq) Yaqubun ata və babası, biri isə (İsmail) əmisidir. Sayca çox olan azlığı üstələdiyindən əmisini də atalarına aid etmişdir). Çünki İsmail Yaqubun atası deyil, əmisidir. “Tək İlaha ibadət edəcəyik”, yəni ibadətdə Onu təkləşdirəcəyik və heç bir şeyi Ona şərik qoşmayacağıq; “Biz yalnız Ona təslim olanlarıq!”, yəni biz yalnız Onun əmrinə boyun əyərək itaət edənlərik. Necə ki Uca Allah buyurur: “Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar” (“Ali-İmran”, 83). Bütün peyğəmbərlərin dini İslam olmuşdur. Peyğəmbərlərin gətirdikləri şəriət qaydaları və mənhəcləri müxtəlif olsa da, dinləri İslamdır. Necə ki Uca Allah belə buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”- deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25). Bu mövzuda gələn bir çox ayə və hədislər var. Hədislərdən birində Peyğəmbər ﷺ demişdir: “Biz peyğəmbərlər ata bir, ana ayrı övladlarıq. (Şəriət qayda-qanunlarımız ayrı olsa da,) dinimiz (əqidəmiz) birdir”. (Bu hədis uzun bir hədisin müxtəsər mənasıdır. Hədisi Əhməd “Musnəd” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) bir neçə yerdə rəvayət etmişdir (8231, 9259, 9630, 9632). Hədisi həmçinin əl-Buxari, Muslim və başqaları da rəvayət etmişlər (Əhməd Şakir). əl-Buxari, 3187, 3443).  
Uca Allah buyurur: “Onlar bir ümmət idi ki, gəlib-getdilər”, yəni keçdilər; “Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir”, yəni sizin atalarınız olan peyğəmbərlər və salehlər gəlib keçmiş bir ümmətdir. Əgər sizə fayda verəcək xeyir əməllər etmirsinizsə, sizin onlara nisbət olunmağınız sizə heç bir fayda verməz. Çünki onların etdikləri əməllər özlərinə, sizin etdikləriniz isə sizə aiddir və “Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız”.
əl-Bəqərə, 135
وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَى تَهْتَدُوا قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
135. Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif olan İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”.

 
Muhəmməd ibn İshaq İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Abdullah ibn Suriya əl-Əavər Peyğəmbərə ﷺ dedi: “Doğru yol bizim üzərində olduğumuz yoldur. Ey Muhəmməd, bizə tabe ol ki, doğru yola yönələsən”. Xaçpərəstlər də eyni şeyi Peyğəmbərə ﷺ dedilər. Uca Allah da bu ayəni endirdi: “Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!" De: "Əksinə, biz hənif olan İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”. (əs-Suyuti “əd-Durrul-Mənsur” 1/721; İbn Əbu Hatim “Təfsir” 1322; ət-Tabəri, 2095).  
Uca Allah buyurur: “De: “Əksinə, biz hənif olan İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”, yəni sizin bizi dəvət etdiyiniz yəhudiliyi və ya xaçpərəstliyi istəmirik, əksinə, hənif olan İbrahimin dininə tabeyik; “hənif olan”, yəni düz olan. Mucahid demişdir: “Yəni ixlaslı olan”. (əl-Buxari (8/129, Fəthul-Bari), (Əhməd Şakir).
əl-Bəqərə, 136
قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
136. Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbatlara (Yaqubun nəslinə) nazil olana, Musaya və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”

 
Uca Allah bu ayədə mömin qullarına Peyğəmbəri Muhəmməd ﷺ vasitəsilə endirilənlərə təfsilatlı şəkildə, keçmiş peyğəmbərlərə nazil olanlara isə ümumi olaraq iman gətirməyi buyurur. Uca Allah ayədə tanınmış peyğəmbərlərdən bəzilərini zikr etmiş, digər peyğəmbərləri isə ümumi olaraq qeyd etmişdir və bu peyğəmbərlər arasında ayrı-seçkilik salmadan hamısına iman gətirməyi buyurmuşdur. Eyni zamanda möminlərə Allahın barələrində belə buyurduğu kəslər kimi olmamağı tövsiyə etmişdir: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”- deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” (“ən-Nisə”, 150-151).
əl-Buxari Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “(Bir zamanlar) Kitab əhli Tövratı müsəlmanlara ibrani dilində oxuyar, sonra da ərəb dilində izah edərdilər. (İslam dini gəldikdən sonra) Peyğəmbər ﷺ buyurdu: “Kitab əhlinə inanmayın və onları yalançı da saymayın, lakin deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbatlara (Yaqubun nəslinə) nazil olana, Musaya və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik”. (əl-Buxari, 4125, 4485).  
Muslim, Əbu Davud, ən-Nəsəi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə “Peyğəmbər ﷺ çox vaxt Fəcr (Sübh) namazından əvvəl qılınan iki rükətli namazın ilk rükətində “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbatlara (Yaqubun nəslinə) nazil olana, Musaya və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” ayəsini ikinci rükətdə isə “İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” (“Ali-İmran”, 52) ayəsini oxuyardı”. (Muslim, 727. Əbu Davud, 1259. ən-Nəsəi, 944. Əhməd, 2038–2045).  
əl-Xalil ibn Əhməd və başqaları demişlər: “İsrail oğullarında əsbatlar İsmail oğullarındakı qəbilələr kimidir”.
əl-Bəqərə, 137-138
فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللَّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ * صِبْغَةَ اللَّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدُونَ
137. Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!
138. De: “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”

 
Uca Allah bu ayədə buyurur: “Ey Möminlər! “Əgər onlar”– Kitab əhlindən və digərlərindən kafir olanlar “siz iman gətirdiyinizə iman gətirsələr”, yəni Allahın bütün kitablarına və peyğəmbərlərinə iman gətirib, heç birinin arasında fərq qoymazlar, “doğru yola yönəlmiş olarlar”, yəni haqqı tapmış və doğru yola yönəlmiş olarlar. “Yox, əgər üz döndərsələr”, yəni haqdan üz döndərsələr, əleyhlərində bu qədər dəlil olduqdan sonra haqdan üz döndərib, batilə yönəlsələr, “mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər”, yəni Allah sənə onlara qalib gəlməyə yardım edər və sən qələbə çalarsan. “O, Eşidəndir, Biləndir!”
İbn Əbu Hatim Ziyad ibn Yunusdan rəvayət edir ki, o, Nafi ibn Əbu Nueymin belə dediyini nəql etmişdir: “Xəlifələrdən biri Osman ibn Affanın (Allah ondan razı olsun) yazdırdığı Quran kitabını düzəltmək üçün mənə göndərdi. Ziyad dedi: “Mən Nafiyə dedim: “Camaat deyir ki, Osman (Allah ondan razı olsun) öldürüldüyü vaxt Quran kitabı onun qucağında idi və qanı “Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!” ayəsinin üzərinə sıçramışdır”. Nafi dedi: “Mən bu ayənin üzərindəki qanı gözümlə görmüşəm”. (Bu əsərin Nafiyə kimi gələn isnadı səhihdir. Nafi ibn Abdur-Rahmən ibn Əbu Nuaym yeddi məşhur Quran qarilərindən biridir. Əsəri ondan rəvayət edən isə onun tələbəsi Ziyad ibn Yunus əl-Hadrami əl-İskəndəranidir. Etibarlı, elmli ravilərdən biridir. Elminin genişliyinə görə ona “Susətul-elm” (Elm qurdu) ləqəbi verilmişdi. (Əhməd Şakir). 
 Uca Allah buyurur: “De: “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər?” İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu, Allahın dinidir”. Ayədə صِبْغَةَ اللَّهِ [sibğatəllah] “Allahın dini” sözünün nasbda (təsirlik halda) gəlməsinə səbəb cümlənin الإغْرَاءُ “İğra” (rəğbətləndirmə) mənasında olmasıdır, necə ki Uca Allah başqa bir ayədə buyurur: “Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur” (“ər-Rum”, 30), yəni bu fitrətə yönəlin, ondan yapışın. Bəzi alimlər isə demişlər: “Ayədə “Allahın dini” sözü əvvəlki (135-ci) ayədə gələn “İbrahimin dini” sözünün bədəlidir (təyinidir). Sibəveyh demişdir: “Bu söz əvvəlki ayədə (136-cı) gələn آمَنَّا بِاللَّهِ [ə:mənnə: billəh] “Allaha iman gətirdik” cümləsinin mənasını gücləndirmək üçün işlənmiş məsdərdir. Bu səbəbdən nasb (təsirlik halda) olmuşdur. Necə ki Uca Allah buyurur: “Allah iman gətirib saleh əməllər edənlərə vəd etmişdir ki, ...” (“əl-Maidə”, 9).
əl-Bəqərə, 139-141
قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ * أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ * تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
139. De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”
140. Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və əsbatların (Yaqubun nəslinin) yəhudi və yaxud xaçpərəst olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?" Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
141. Onlar bir ümmət idi ki, gəlib-getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.

 
Uca Allah Peyğəmbərinə ﷺ müşriklərlə mübahisə etməyin yolunu öyrədərək buyurur: “De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz?”, yəni Allahın təkliyi, Ona ibadətdə ixlaslı olub, itaətlə əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək barədə bizimlə mübahisə edirsiniz? “Halbuki O bizim də Rəbbimiz, sizin də Rəbbinizdir!” Bizim də üzərimizdə, sizin də üzərinizdə istədiyi kimi hökm edən Odur. İxlasla ibadət olunmağa layiq olan yalnız Odur. O Təkdir və Onun heç bir şəriki yoxdur. “Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir”, yəni biz sizdən və sizin ibadət etdiklərinizdən uzağıq, siz də bizdən uzaqsınız. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam” (“Yunis”, 41). Həmçinin buyurur: “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür” (“Ali-İmran”, 20). Başqa bir ayədə isə İbrahim (ona salam olsun) barədə xəbər verərək buyurur: “Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?” (“əl-Ənam”, 80). “Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi?” (“əl-Bəqərə”, 258).
Uca Allah bu ayədə buyurur: “Biz Ona sadiq olanlarıq!”, yəni sizin bizdən uzaq olduğunuz kimi, biz də sizdən uzağıq və (sizdən fərqli olaraq) biz ibadətlərimizi ixlasla (yalnız Allah üçün) yerinə yetiririk. Yalnız Allaha üz tuturuq.
Sonra Uca Allah Kitab əhlinin İbrahim (ona salam olsun) və ondan sonra adları çəkilən peyğəmbərlərin və əsbatların (Yaqubun - ona salam olsun - nəslindən gələnlərin) onların dinində – yəhudi və ya xaçpərəst – olduğu iddialarını rədd edərək buyurur: “De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?”, yəni, əlbəttə ki, Allah sizdən daha yaxşı bilir və O bildirir ki, bu peyğəmbərlər nə yəhudi, nə də xaçpərəst olmuşlar. Necə ki Uca Allah buyurur: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.  Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır” (“Ali-İmran”, 67-68).
Uca Allah buyurur: “Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?” əl-Həsən əl-Bəsri demişdir: “Onlar özlərinə gələn Allahın Kitabında oxuyurdular ki: “Haqq din İslamdır və Muhəmməd ﷺ Allahın Elçisidir. İbrahim, İsmail, İshaq, Yaqub və əsbatlar yəhudilikdən və xaçpərəstlikdən uzaq olmuşlar”. Allah buna şahidlik etdi. Onlar əleyhlərinə olan Allahın bu şahidliyini təsdiq etdilər. Sonra da özlərində olan Allahın bu şahidliyini gizlətdilər.
Uca Allah buyurur: “Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”. Bu onlar üçün şiddətli təhdiddir. Yəni Allah elmi ilə sizin etdiklərinizdən xəbərdardır və buna görə sizi cəzalandıracaq.
Sonra Uca Allah buyurur: “Onlar bir ümmət idi ki, gəlib-getdi”, yəni gəlib-keçdi; “Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir”, yəni onların əməlləri özlərinə, sizin əməlləriniz isə sizə aiddir; “Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız”, yəni onlara tabe olmadan özünüzü onlara nisbət etməyiniz sizə heç bir fayda verməz. Onlar kimi Allahın əmrlərinə boyun əymədən, Allah tərəfindən göndərilmiş müjdə verən və qorxudan peyğəmbərlərə itaət etmədən, yalnız onlara nisbət olunmaq sizə fayda verməz. Çünki bir peyğəmbəri inkar edən bütün peyğəmbərləri inkar etmiş sayılır. Xüsusən də peyğəmbərlərin ağası olan, aləmlərin Rəbbi tərəfindən bütün məxluqata – insanlara və cinlərə elçi göndərilmiş sonuncu Peyğəmbəri ﷺ yalan saymaq. Allahın salavatı və salamı onun və Allahın digər elçilərinin üzərinə olsun!
əl-Bəqərə, 142-143
سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ * وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ
142. Səfeh adamlar deyəcəklər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”
143. Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.

 
Ayədə “Səfeh adamlar” dedikdə ərəb müşriklərinin nəzərdə tutulduğu deyilir. Bəziləri isə yəhudilərin keşişlərinin nəzərdə tutulduğunu demişlər. Bəziləri isə münafiqlərin qəsd olunduğunu demişlər. Görünən budur ki, ayə bunların hamısına şamil edilir. Ən doğrusunu Allah bilir!
əl-Buxari Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ on altı və ya on yeddi ay Beytul-Məqdisə tərəf namaz qıldı. Halbuki qibləsinin Kəbəyə doğru olmasını arzu edirdi. Peyğəmbərin ﷺ (Kəbəyə doğru) qıldığı ilk namaz əsr namazı oldu. Bir camaat da onunla birlikdə namaz qıldı. Sonra onunla birlikdə namaz qılanlardan biri çıxıb getdi və məscidlərin birində rükuya getmiş bir camaatın yanından keçərkən dedi: “Allahı şahid gətirirəm ki, mən Peyğəmbərlə ﷺ birgə Məkkəyə doğru namaz qıldım”. (Camaat bunu eşidən kimi) olduğu vəziyyətdə Kəbəyə tərəf döndü. Qiblə dəyişməmişdən qabaq namaz qılanların və artıq ölüb gedənlərin qıldıqları namazın necə olacağını bilmirdik. Uca Allah bu ayəni nazil etdi: “Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir”. Hədisi Muslum rəvayət etmişdir. (əl-Buxari (8/130, 1/89-90, 421, 13/202, “Fəthul-Bari”), Muslim (1/148), Əhməd (4/283, Hələb nəşri), İbn Sad “ət-Tabəqat” (1/52), ət-Tabəri (2153, 2222), (Əhməd Şakir).
İbn Əbu Hatim Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ on altı və ya on yeddi ay Beytul-Məqdisə tərəf namaz qılmışdır. Halbuki o, Kəbəyə doğru yönəlmək istəyirdi. Uca Allah bu ayəni nazil etdi: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidul-Harama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!” Beləliklə, o, Kəbəyə doğru yönəldildi. Səfeh adamlar, yəni yəhudilər dedilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” Uca Allah da buyurdu: “De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!” (İsnadı səhihdir (Əhməd Şakir). İbn Əbu Hatim “Təfsir” 1328).  
Bu mövzuda bir çox hədislər varid olmuşdur. Məsələnin mahiyyəti budur ki, (ilk öncə) Peyğəmbərə ﷺ Qüdsdəki müqəddəs qayaya doğru yönələrək ibadət etmək əmr olunmuşdu. Peyğəmbər ﷺ Məkkədə ikən iki künc (Qara daş olan künc və Yəmən küncü) arasında namaz qılardı. Nəticədə, qarşısında Kəbə olmaqla Qüdsdəki qayaya doğru yönəlmiş olurdu. Mədinəyə hicrət etdikdən sonra Qüdslə Kəbəni cəm etmək mümkün olmadı və Uca Allah ona Qüdsə yönəlməyi əmr etdi. Bu hal on aydan artıq müddət davam etdi, lakin Peyğəmbər ﷺ üzünün İbrahimin qibləsi olan Kəbəyə çevrilməsi üçün Allaha çox dua edib yalvarırdı. Nəhayət, bu duası qəbul olundu və ona Qədim Evə (Kəbəyə) doğru yönəlmək əmr edildi. Peyğəmbər ﷺ moizə deyərək bunu insanlara bildirdi. əl-Buxari və Muslimin Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə qeyd edildiyi kimi, Peyğəmbərin ﷺ Kəbəyə doğru qıldığı ilk namaz Əsr namazı olmuşdur. Quba (Mədinənin cənubunda yerləşən məntəqələrdən biridir. Hal-hazırda Mədinə şəhərinə bitişik olsa da, əvvəllər müstəqil qəsəbə olmuşdur.  Məkkədən gələn qafilələr ilk olaraq burada dayanardı. Bu məntəqənin belə adlanmasına səbəb burada Quba adlı su quyusunun yerləşməsi olmuşdur. Bu məntəqə münbit torpağı və yaşıllığı ilə tanınırmış) əhalisinə isə bu xəbər ertəsi gün Fəcr (Sübh) namazında gəlib çatmışdır. Bir nəfər onların yanına gəlib demişdir: “Bu gecə Peyğəmbərə ﷺ Quran ayəsi nazil oldu və Kəbəyə yönəlmək əmri gəldi. Siz də oraya yönəlin”. Onlar üzlərini Şama doğru çevirirdilər, bu xəbəri eşitdikdən sonra dərhal Kəbəyə doğru yönəldilər. (əl-Buxari (1/424, 8/131, “Fəthul-Bari”), Muslim (181), Əhmədin “Musnəd” əsərində bir neçə yerdə (4642, 4794, 5827, 5934), (Əhməd Şakir). Bu da göstərir ki, nəsx hökmünü tətbiq etmək yalnız bilindikdən sonra vacib olur. Baxmayaraq ki bu hökm əvvəl nazil olmuş və çatdırılmışdır, çünki Quba camaatına Əsr, Məğrib və İşa namazlarını yenidən qılmaq əmr olunmadı. Ən doğrusunu Allah bilir.
Bu hadisə baş verəndən sonra münafiqlərdən və kafir yəhudilərdən ibarət bir qrup insan doğru yoldan üz çevirərək şəkk-şübhəyə düşdülər və dedilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?”, yəni dedilər: “Bunlara nə olub ki, gah ora, gah da bura çevrilirlər?” Uca Allah da onlara cavab olaraq: “De: “Məşriq də, məğrib də Allahındır” ayəsini nazil etmişdir. Yəni hər şeydə hökm Allaha məxsusdur və əmr etmək Ona aiddir. Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirənlərdir” (“əl-Bəqərə”, 177). Yəni əsas məsələ Allahın əmrlərinə tabe olmaqdır. Allah üzümüzü hansı səmtə yönəltsə, o səmtə də yönələcəyik. İtaət Allahın əmrinə tabe olmaqla olur. Allah bizi eyni gündə bir neçə dəfə müxtəlif yerlərə yönəltsə, oraya da yönələrik, çünki biz Allahın qullarıyıq və köləsiyik, Onun hökmü altındayıq. Hansı səmtə çevirsə, oraya da yönələrik. Uca Allah qulu və elçisi Muhəmmədə ﷺ və onun ümmətinə qarşı olduqca qayğıkeşdir. Belə ki onları Mərhəmətli Allahın sevimli dostu İbrahimin qibləsinə yönəltmiş və şəriki olmayan Allahın adına tikilmiş və Allahın yer üzündəki evlərinin ən şərəflisi olan Kəbəyə yönəltmişdir. Kəbə İbrahimin tikdiyi bir evdir. Bu səbəbdən Uca Allah buyurur: “De: “Məşriq də, məğrib də Allahındır. O istədiyi kəsi doğru yola yönəldir!” İmam Əhmədin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ Kitab Əhlini nəzərdə tutaraq demişdir: “Onlar Allahın bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdiyi, onların isə azğınlığa düşdükləri cümə gününə, (həmçinin) Allahın bizi müvəffəq etdiyi və onların isə azğınlığa düşdüyü Qiblə barəsində bizə həsəd apardıqları qədər başqa heç bir şeyə həsəd aparmırlar. Habelə bizim imamın arxasında “Əmin” deməyimizə həsəd aparırlar”. (“Musnəd” (6/134-135, Hələb nəşri), uzun hədisdə. İsnadı səhihdir (Əhməd Şakir). Əhməd, 25029, 25543. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
Uca Allah buyurur: “Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun”.  Uca Allah buyurur ki, sizi İbrahimin qibləsinə çevirib oranı qiblə seçdik ki, sizi ümmətlərin ən xeyirlisi edək və Qiyamət günü bütün ümmətlərə şahidlik edəsiniz. Çünki bütün ümmətlər sizin fəzilətinizi qəbul edirlər. Burada “orta” sözü “seçilmiş” və “ən yaxşı” deməkdir. Necə ki Qureyş qəbiləsi barədə deyilir: “Qureyş nəsəb və yurd baxımından ərəblərin ortasıdır”. Yəni ən yaxşısıdır. Peyğəmbər ﷺ qövmü arasında orta idi. Yəni nəsəb baxımından ən şərəfli idi. Həmçinin “Orta namaz” dedikdə namazların ən əfzəli olan Əsr namazı nəzərdə tutulur. Necə ki “Səhih” və digər hədis kitablarında bu, sabit olmuşdur. Uca Allah bu ümməti orta ümmət etdiyi kimi, şəriətlərin ən mükəmməlini, yolların ən doğrusunu və ən açığını ona vermişdir. Necə ki bir ayədə belə buyurulur: “Allah yolunda lazımınca cihad edin. O sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı” (“əl-Həcc”, 78).
İmam Əhmədin Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü (Allah) Nuhu çağıracaq və Nuh: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm, ey Rəbbim!”– deyəcək. Allah deyəcək: “Sən (dini) təbliğ etdinmi?” O: “Bəli!”– deyə cavab verəcək. Sonra onun qövmünə deyəcək: “O sizə (dini) təbliğ edibmi?” Onlar: “Bizi xəbərdar edən bir peyğəmbər gəlməmişdir!”– deyə cavab verəcəklər. Allah (Nuha) buyuracaq: “Sənin dediyinə kim şahidlik edə bilər?” Nuh: “Muhəmməd və onun ümməti!” – deyə cavab verəcək, beləliklə də, onlar Allahın Elçisi ﷺ ilə bərabər Nuhun dini təbliğ etdiyinə şahidlik edəcəklər. Bu haqda Allahın ayəsində belə deyilir: “Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun”. Peyğəmbər ﷺ dedi: ”Orta” dedikdə “ədalətli” nəzərdə tutulur. Sonra siz çağırılacaqsınız və onun dini təbliğ etdiyinə şahidlik edəcəksiniz, sonra isə mən sizin doğru dediyinizə şahidlik edəcəyəm”. (”Orta” dedikdə “ədalətli” nəzərdə tutulur” hissəsi ilə birlikdə hədisi əl-Buxari (4127, 4487), Əbu Yəalə “Musnəd” (1173) əsərində, İbn Hibban (6477) və digərləri rəvayət etmişlər. “Sonra siz çağırılacaqsınız və onun dini təbliğ etdiyinə şahidlik edəcəksiniz, sonra isə mən sizin doğru dediyinizə şahidlik edəcəyəm” hissəsini isə İbn Əbu Şeybə “Musannəf” (32342) əsərində rəvayət etmişdir. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8034). əl-Buxari, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. (“Musnəd” (11303), əl-Buxari (6/264, 8/130-131, 13/266), ət-Tabəri (2179, 2181). İbn Kəsir hədisi Əhmədin başqa bir isnadı ilə də rəvayət etmişdir. “Musnəd” (11579), (Əhməd Şakir).  
əl-Hakim və İbn Mərdaveyh – hədisin mətni İbn Mərdəveyhə aiddir – Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bir dəfə Peyğəmbər ﷺ Bənu Sələmə qəbiləsində bir cənazənin dəfnində iştirak edirdi. Mən Peyğəmbərin ﷺ yanında idim. İştirak edənlərdən bəziləri: “Allaha and olsun ki, ey Allahın Elçisi! O çox yaxşı bir adam idi. İffətli bir müsəlman idi” və “bu cür, bu cür idi”, – deyərək onu xoş sözlərlə yad etdilər və təriflədilər. Peyğəmbər ﷺ bunu deyənlərdən birinə dedi: “Bunu deyən sən idinmi? Dediyini təsdiqləyirsənmi?” Kişi dedi: “Allah gizlində olanları ən yaxşı biləndir. Amma bizə görünən budur”. Peyğəmbər ﷺ: “Vacib oldu!”– deyə buyurdu. Sonra bir dəfə Peyğəmbər ﷺ Bənu Hərisə qəbiləsində bir cənazənin dəfnində iştirak edirdi. Mən yenə Peyğəmbərin ﷺ yanında idim. İştirak edənlərdən bəziləri: “Ey Allahın Elçisi, o nə pis adam idi. Sərt, kobud bir adam idi”, – deyərək onu xoşagəlməz sözlə yad edib pislədilər. Peyğəmbər ﷺ onlardan birinə dedi: “Bunu deyən sən idinmi? Dediyini təsdiqləyirsənmi?” Kişi dedi: “Allah gizlində olanları ən yaxşı biləndir. Amma bizə görünən budur”. Peyğəmbər ﷺ: “Vacib oldu!”– deyə buyurdu.  Musab ibn Sabit dedi: “Muhəmməd ibn Kab o vaxt bizə belə dedi: “Peyğəmbər ﷺ doğru söylədi”. Sonra bu ayəni oxudu: “Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun”. (“əl-Bəqərə”, 143)”. (əl-Hakim, 3061. əl-Hakim səhih olduğunu bildirmişdir). əl-Hakim demişdir: “Bu hədisin isnadı səhihdir. Lakin əl-Buxari və Muslim onu rəvayət etməmişlər”. (əl-Mustədrak (1/268), (Əhməd Şakir).
İmam Əhməd Əbul-Əsvədin belə dediyini rəvayət edir: “Mədinəyə gəldim və gəlişim elə bir vaxta təsadüf etdi ki, orada xəstəlik yayılmışdı. İnsanlar sürətlə ölürdü. Bir dəfə Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) yanında oturmuşdum. Bir cənazə aparırdılar. Ətrafdakılar ölən adamı xoş sözlərlə yad edib təriflədilər. Ömər dedi: “Vacib oldu! Vacib oldu!”  Sonra başqa bir cənazə aparılarkən ətrafdakılar onu xoşagəlməz sözlə yad edib pislədilər. Ömər (Allah ondan razı olsun) dedi: “Vacib oldu!” Əbul-Əsvəd dedi: “Ey möminlərin əmiri, nə vacib oldu?” Ömər (Allah ondan razı olsun) dedi: “Mən Peyğəmbərin ﷺ dediyi kimi dedim. Peyğəmbər ﷺ demişdir: “Hansı bir müsəlmanın yaxşı əməl sahibi olduğuna dörd nəfər (müsəlman) şahidlik etsə, Allah onu Cənnətə daxil edər. Biz: “Bəs üç nəfər (olsa)?”– deyə soruşduq. O: “Üç nəfər də (olsa)”, – deyə cavab verdi. Biz: “Bəs iki nəfər (olsa)?”– deyə soruşduq. O: “İki nəfər də (olsa)”, – deyə cavab verdi. Bundan sonra biz artıq bir nəfər haqqında soruşmadıq”. (əl-Buxari, 1279, 1368, 2643; ən-Nəsəi “Sunən” 1934, 2061; Əhməd, 139, 204). əl-Buxari, ət-Tirmizi və ən-Nəsəi hədisi belə rəvayət etmişlər. (Əbul-Əsvəd əd-Duəlidir. Hədis “Musnəd” əsərindədir (139), (Əhməd Şakir).
İbn Mərdəveyh Əbu Bəkr ibn Əbu Zuheyr əs-Səqafinin atasından belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ ən-Nəbəvədə (Taifdə yer adı) belə dediyini eşitdim: “Az qala aranızda olan yaxşı insanları pislərdən siz də ayırd edə biləsiniz”. Orada olanlar soruşdular: “Ey Allahın Elçisi, necə ayırd edə bilərik?” Peyğəmbər ﷺ dedi: “Onu xoş sözlərlə yad edib tərifləməklə və ya onun barəsində xoşagəlməyən sözlər deyib pisləməklə ayırd edə bilərsiniz. Siz Allahın yer üzərində olan şahidlərisiniz”. (Əhməd, 27686, 28197; əl-Hakim, 413. əl-Hakim, əz-Zəhəbi və Şueyb əl-Arnavut səhih olduğunu bildirmişlər). Bu hədisi İmam Əhməd və İbn Məcə rəvayət etmişlər. (“Musnəd” (15506), İbn Məcə (4221). əl-Busiri “Zəvəid İbn Məcə” kitabında demişdir: “İsnadı səhihdir. Raviləri etibarlıdır. Əbu Zuheyrin İbn Məcədə bundan başqa hədisi yoxdur. Digər altı hədis kitablarında da onun rəvayət etdiyi hədis yoxdur”. Mən deyirəm: “Həmçinin “Musnəd” və digər kitablarda da onun hədisi yoxdur. əl-Buxari “əl-Kunə” kitabında (№ 268) Əbu Zuheyrin tərcümeyi-halında ona işarə etmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Biz əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi”. Uca Allah bu ayədə buyurur ki, “Ey Muhəmməd! Səni əvvəl Beytul-Məqdisə yönəltdik, sonra oradan çevirib Kəbəyə yönəltdik ki, sənə itaət edib, hara yönəlməyindən asılı olmayaraq sənə tabe olanları, səndən “üz döndərənlərdən” – dindən dönənlərdən fərqləndirək və onların halları bəlli olsun. “Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi”, yəni bu əməl – Beytul-Məqdisdən Kəbəyə yönəlmə – hər nə qədər nəfsə ağır gəlsə də, Allahın qəlblərini doğru yola yönəltdiyi şəxslərə ağır gəlmədi. Çünki onlar Peyğəmbərin ﷺ dediklərini əminliklə təsdiq edib, Peyğəmbərin ﷺ gətirdiyinin, şübhəsiz, haqq olduğunu qəbul edirlər və bilirlər ki, Allah istədiyini edər və istədiyi hökmü verər. Qullarını istədiyi şeylə mükəlləf edər və istədiyi şeyin hökmünü qaldırar. Bu şeylərin hamısının hikməti və tutarlı dəlilləri Allaha aiddir. Qəlblərində xəstəlik olanlar isə bunun əksidir. Onlar üçün hər yeni hadisə yeni bir şübhə doğurur. Necə ki hər yeni hadisə iman gətirənlərin yəqinlik və təsdiqlərini artırar. Uca Allah bu xüsusda başqa ayələrdə belə buyurur: “Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?”- deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər” (“Tövbə”, 124-125); “Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar” (“Fussliət”, 44); “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (“əl-İsra”, 82). Elə bu səbəbdən də Peyğəmbərə ﷺ tabe olub, onu təsdiqləməkdə sabit qalanlar Allahın Peyğəmbərinə ﷺ əmr etdiyi qibləyə şəkk və şübhə etmədən yönələnlər seçilmiş səhabələr idilər. Bəzi alimlər hər iki qibləyə namaz qılanların dində hamını ötüb-keçən ilk mühacir və ənsarların olduğunu bildirmişlər. [əl-Hafiz İbn Kəsir burada əvvəl qeyd olunan əl-Buxari və Muslimdə İbn Ömərdən Quba camaatı barədə rəvayət olunan hədisə işarə etmiş sonra demişdir:] “Hədisi ət-Tirmizi rəvayət etmişdir. ət-Tirmizinin rəvayətinə görə, onlar rüku halında idilər və bu halda – rüku halında da Kəbəyə döndülər. Muslimin Sabitdən və Ənəsdən rəvayət etdiyi hədisdə də eynilə belə gəlmişdir. (ət-Tirmizinin rəvayəti müxtəsərdir (4/70). Ola bilsin, əl-Hafiz İbn Kəsir hədisin mənasını nəzərdə tutmuşdur. Muslimin Ənəsdən etdiyi rəvayətə gəlincə isə, o səhihdir (1/148). Həmçinin, bundan əvvəl keçən əl-Buxarinin Bəra ibn Azibdən rəvayət etdiyi hədisin mənası da belədir: “Onlar rüku halında idilər və bu halda da çevrildilər”. (Əhməd Şakir). Bu isə onların Allaha və Peyğəmbərinə ﷺ olan itaətlərinin, Allahın əmrlərinə tabe olmalarının kamilliyinə dəlalət edir. Allah onların hamısından razı olsun!
Uca Allah buyurur: “Allah sizin imanınızı puç etməz”, yəni bundan əvvəl Beytul-Məqdisə tərəf qıldığınız namazların savabı Allah qatında itməz. “Səhih” əsərində rəvayət edilən hədisdə Bəra ibn Azib (Allah ondan razı olsun) demişdir: “Qiblə dəyişməmişdən qabaq namaz qılanlar və artıq ölüb gedənlər var idi. Bəzi insanlar soruşdu: “Onların qıldıqları namaz necə olacaq?” Uca Allah bu ayəni nazil etdi: “Allah sizin imanınızı puç etməz”. (ət-Tayəlisi “Musnəd” 758. əl-Buxari, 4126, 4486). Hədisi, həmçinin ət-Tirmizi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. (əl-Buxarinin Bəra ibn Azibdən rəvayət etdiyi hədisə bax: (1/89-90, 8/130, “Fəthul-Bari”). Həmçinin, ət-Tirmizinin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə bax (4/70). (Əhməd Şakir).
Uca Allah buyurur: “Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir”. “Səhih” əsərində rəvayət olunan hədisdə deyilir: “Bir dəfə Peyğəmbər ﷺ döyüşdə götürülmüş əsirlər arasında uşağından ayrı düşmüş bir qadın gördü. Qadın əsirlər arasında uşağını axtara-axtara körpə uşaq tapan kimi onu qucağına alıb sinəsinə sıxırdı. Qadın uşağını tapan kimi onu sinəsinə sıxdı və əmizdirməyə başladı. Onda Peyğəmbər ﷺ bizdən soruşdu: “Sizcə, bu qadının ixtiyarı əlində olsa, körpəsini oda atarmı?” Biz dedik: “Xeyr (atmaz), ey Allahın Elçisi!” Peyğəmbər ﷺ dedi: “Allahın Öz qullarına olan mərhəməti bu qadının körpəsinə olan mərhəmətindən (qat-qat) üstündür”. (əl-Buxari (1/360-361), Muslim (2/324-325) hər ikisi Ömər ibn əl-Xattabdan rəvayət etmişlər (Əhməd Şakir). əl-Buxari, 5540, 5999).
əl-Bəqərə, 144
قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ
144. Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidul-Harama tərəf çevir! Harada olursunuzsa-olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qurandan ilk hökmü qaldırılan Qiblə olmuşdur. Belə ki Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdə Mədinə əhalisinin əksəriyyəti yəhudilər idi. Allah ona (namazlarda) Beytul-Məqdisə doğru yönəlməyi əmr etmişdi. Yəhudilər buna çox sevindilər. Peyğəmbər ﷺ on aydan artıq müddətdə Beytul-Məqdisə doğru namaz qıldı, lakin İbrahimin (ona salam olsun) qibləsinə (Kəbəyə) yönəlmək istəyirdi. Peyğəmbər ﷺ bunun üçün Allaha dua edir və göyə baxırdı. Uca Allah: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük” ayəsini “Harada olursunuzsa-olun, üzünüzü ona tərəf çevirin!” sözünə qədər nazil etdi. Yəhudilər bunu biləndə pərt oldular və dedilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” Uca Allah buyurdu: “De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!” Həmçinin buyurdu: “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” (“əl-Bəqərə”, 115). Uca Allah buyurur: “Biz əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək”. (əl-Bəqərə, 143). (əl-Buxari, 384, 399; ət-Tirmizi, 341).  
əl-Hakim rəvayət edir ki, Yəhya ibn Qumta demişdir: “Abdullah ibn Amrı Məscidul-Haramda Kəbənin novçası (Kəbənin üstündə yağış suyunu axıtmaq üçün dəmirdən düzəldilmiş axıntı yolu). ilə üzbəüz tərəfdə oturmuş gördüm. O bu ayəni oxudu: “Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik”. Sonra dedi: “Kəbənin novçası olan tərəfə”. əl-Hakim demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. Hədisi İbn Əbu Hatim də rəvayət etmişdir. (əl-Mustədrak (2/269). əz-Zəhəbi əl-Hakimin hədisi “səhih” adlandırması ilə razılaşmışdır. Hədisi rəvayət edən Yəhya ibn Qumta etibarlı tabiindir. Atasının adı Qumta olmuşdur. Necə ki ət-Tabəridə və Abdur-Razzəqin təfsirində (əlyazmada) gəlmişdir. Bunu Yəhyanın tərcümeyi-halına qayıdarkən də görmək olar. Lakin İbn Kəsirin çap olunmuş nüsxəsində Qutta “mim” hərfi düşmüş şəkildə gəlmişdir. Bu səhvdir. Doğru olan İbn Kəsirin “əl-Əzhər” əlyazmasında və əz-Zəhəbinin “Muxtəsər əl-Mustədrak” kitabının məndə olan əlyazmasında yazılmışdır. Hədisi ət-Tabəri (2247-2249) buna oxşar şəkildə rəvayət etmişdir. Bu barədə orada danışmışıq (Əhməd Şakir). əl-Hakim, 3065). Bu rəyi, həmçinin Əbul-Aliyə, Mucahid, İkrimə və başqaları da demişlər. Necə ki əvvəlki hədisdə keçdi: “Gündoğanla günbatanın arası qiblədir”. (Əvvəlki səhifələrdə keçdi. (Əhməd Şakir).  
ən-Nəsəi Əbu Səid ibn əl-Muallənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Biz Peyğəmbərin ﷺ dövründə günün əvvəlində [məscidə gələrdik] (əl-Əzhəriyyə əlyazmasından əlavə edilmişdir). və məsciddə namaz qılardıq. Bir gün məscidə gəldik. Peyğəmbər ﷺ minbərdə oturmuşdu. Mən dedim: “Peyğəmbər ﷺ minbərdə oturubsa, demək, nəsə baş verib”. Peyğəmbər ﷺ Uca Allahın “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik” ayəsini sonuna qədər oxudu. Mən yoldaşıma: “Peyğəmbər ﷺ minbərdən enməmiş gəl iki rükət namaz qılaq və (Kəbəyə tərəf) ilk namaz qılanlar biz olaq”, – dedim. Xəlvətcə çəkilib iki rükət namaz qıldıq. Sonra Peyğəmbər ﷺ minbərdən endi və o gün insanlara Zöhr namazını qıldırdı”. (Hədis ən-Nəsəinin “əs-Sunənul-Kubra” əsərindədir. “əs-Sunənus-Suğra” (1/119-120) əsərində gələn isə müxtəsər olaraq belə gəlmişdir: “Biz  Peyğəmbərin ﷺ dövründə günün əvvəlində bazara gedərdik və yolüstü məscidə gedib namaz qılardıq”. Bu uzun rəvayəti isə əl-Heysəmi “əz-Zavaid” kitabında (2/12-13) bu hədisə oxşar mətnlə rəvayət etmiş və hədisi əl-Bəzzərə və ət-Tabəraninin “əl-Kəbir” əsərinə nisbət etmişdir (Əhməd Şakir). ən-Nəsəi “Sunənul-Kubra” 10937, 11004; ət-Tabərani “Mucəmul-Kəbir” 18220). 
Uca Allah buyurur: “Harada olursunuzsa-olun, üzünüzü ona tərəf çevirin!” Uca Allah bu ayə ilə (namaz qılarkən) yer üzünün hər tərəfindən Kəbəyə yönəlməyi əmr etmişdir. Fərq etməz, istər şərqində, istər qərbində, istər şimalında, istərsə də cənubunda ol. Yalnız səfərdə olarkən (minik üzərində) qılınan nafilə namazı (vacib olmayan namazlar) istisnadır. Bu namazı minik hara dönərsə, o tərəfə doğru qılmaq olar. Bədəni hansı istiqamətdə olursa-olsun, qəlbi Kəbəyə tərəfdir. Həmçinin döyüşdə olarkən namazlar (bütün namazlar) döyüş gedən istiqamətə doğru qılınır. Həmçinin Qiblənin hansı istiqamətdə olduğunu bilməyən adam səhv qərar qəbul etmiş olsa belə, öz qərarına əsasən namazını qılar, çünki Uca Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.
Uca Allah buyurur: “Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər”, yəni sizin Beytul-Məqdisdən dönərək Kəbəyə yönəlmənizi bəyənməyən yəhudilər yaxşı bilirdilər ki, Allah sizi (gec-tez) bura yönəldəcək, çünki öz kitablarında peyğəmbərlərinin dili ilə Allah Elçisinin (Muhəmmədin - ona Allahın salavatı və salamı olsun) və onun ümmətinin xüsusiyyətləri yazılmışdır. Uca Allahın bu Peyğəmbərə ﷺ lütf olaraq bəxş etdiyi və şərəfləndirdiyi əzəmətli, mükəmməl şəriəti onlara bildirmişdir. Lakin Kitab əhli küfr, inad və həsəd üzündən öz aralarında bu həqiqətləri gizlədirlər. Bu səbəbdən Uca Allah onları təhdid edərək ayənin sonunda buyurur: “Allah onların etdiklərindən xəbərsiz deyildir”.
əl-Bəqərə, 145
وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ
145. Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan.

 
Uca Allah bu ayədə yəhudilərin küfrlərindən, inadkarlıqlarından və Allahın Elçisinin ﷺ haqq olduğunu bildikləri halda, ona qarşı çıxmalarından xəbər verir. Onlara Peyğəmbərin ﷺ gətirdiyi dinin doğruluğuna dair nə qədər dəlil gətirilsə də, yenə nəfslərinin istəklərini tərk edib, Peyğəmbərə ﷺ tabe olmazlar. Necə ki Uca Allah buyurur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər” (“Yunus”, 96-97). Bu səbəbdən ayədə: “Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar”, – buyurur.
Uca Allah buyurur: “Sən də onların qibləsinə üz tutan deyilsən”. Burada Uca Allah Peyğəmbərin ﷺ Allahın əmrlərinə son dərəcə tabe olmasından xəbər verir. Belə ki Kitab əhli öz nəfslərinin istəklərinə uyduqları kimi, Peyğəmbər ﷺ də Allahın əmrlərinə sarılıb, itaətinə boyun əymişdir. Allahın razılığına tabe olmuşdur və heç bir halda onların istəklərinə tabe olmamışdır. Peyğəmbər ﷺ Beytul-Məqdisə – yəhudilərin qibləsi olduğu üçün deyil, Allahın əmri olduğu üçün yönəlmişdi. Sonra Uca Allah haqqı bilən adamın nəfsinin istəyinə uyaraq haqqa qarşı çıxmasından çəkindirmişdir, çünki bilən adamın əleyhinə qaldırılan dəlil digərlərindən daha tutarlıdır. Bu səbəbdən Uca Allah ayədə Peyğəmbərinə ﷺ xitab etməklə ümmətini nəzərdə tutaraq buyurur: “Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan” (“əl-Bəqərə”, 145).
əl-Bəqərə, 146-147
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ * الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
146. Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.
147. Haqq sənin Rəbbindəndir! Odur ki şübhə edənlərdən olma!

 
Uca Allah bu ayədə bildirir ki, Kitab əhlinin alimləri öz oğullarını tanıdıqları kimi, Peyğəmbərin ﷺ gətirdiklərinin haqq olduğunu bilirlər. Ərəblər bir şeyin doğruluğu üçün adamın uşağını tanımasını misal olaraq gətirirlər. Necə ki hədisdə varid olmuşdur ki, Peyğəmbər ﷺ yanında kiçik uşaq olan bir kişiyə dedi: “Bu sənin oğlundur?” Kişi: “Bəli, ey Allahın Elçisi! Buna şahidlik edərəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Elə isə bil ki, o sənin etdiyin günahlara görə cavabdeh deyil, sən də onun etdiyi günahlara görə cavabdeh deyilsən”. (Əhməd “Musnəd” əsərində (7106) Əbu Ramsədən rəvayət etmişdir. Sonra hədisi müxtəlif yollarla rəvayət etmişdir. Bu barədə hədisin təxricində ətraflı danışmışıq. (Əhməd Şakir). Əbu Davud, 4497; İbn Hibban, 5595; ət-Tabərani “Mucəmul-Kəbir” 18167. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2303). Sonra Uca Allah bildirir ki, onlar bu həqiqətləri yəqin bildiklərinə baxmayaraq, “haqqı bilə-bilə gizlədir”, yəni  öz Kitablarında Peyğəmbərin ﷺ vəsflərinə aid yazılmış həqiqətləri bilə-bilə gizlədirlər. Sonra Uca Allah Peyğəmbəri ﷺ və möminləri haqq yolunda sabitqədəm edərək Peyğəmbərin ﷺ gətirdiyi dinin şəkk-şübhəsiz haqq olduğunu bildirir və buyurur: “Haqq sənin Rəbbindəndir! Odur ki şübhə edənlərdən olma!”
əl-Bəqərə, 148
وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
148. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz-olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə Qadirdir.

 
Əbul-Aliyə demişdir: “Yəhudinin üz tutduğu bir qibləsi var, xaçpərəstin də üz tutduğu bir qibləsi var. Ey Muhəmməd ümməti! Allah sizi Öz qibləsinə yönəltmişdir”. Mucahid və Atadan da buna bənzər bir rəvayət nəql edilmişdir. Bu ayə Uca Allahın bu sözünə bənzəyir: “Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma! Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir” (“əl-Maidə”, 48). Bu ayədə isə buyurur: “Harada olursunuz-olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”, yəni sizin cəsədləriniz və bədənləriniz çürümüş olsa belə, Allah hamınızı torpaqdan cəm etməyə Qadirdir.
əl-Bəqərə, 149-150
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِنْ رَبِّكَ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ * وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلِأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ
149. Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidul-Harama tərəf çevir! Çünki bu sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
150. Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidul-Harama tərəf çevir! Harada olursunuzsa-olun, üzünüzü ona tərəf çevirin ki, zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.

 
Bu ayədə Uca Allah möminlərə yer üzünün hər yanından üzlərini Məscidul-Harama tərəf yönəltmələrini üçüncü dəfə əmr edir. Allahın “heç kəsin sizə qarşı bir dəlili olmasın” sözü Kitab əhlinə aiddir, çünki onlar (öz kitablarından) bilirlər ki, bu ümmət Kəbəyə üz tutmaqla vəsf olunur. Əgər ümmətin bu vəsfi (Kəbəyə tərəf üz tutması) olmasaydı, bunu müsəlmanların əleyhinə bir dəlil kimi istifadə edər və ya müsəlmanların onlarla eyni qibləyə – Beytul-Məqdisə üz tutduqlarına görə müsəlmanlara irad tutardılar. Ayədən görünən budur.
Ayədəki “zalımlardan başqa” sözü isə Qureyş qəbiləsindən olan müşriklərə aiddir. Onlardan bəziləri təkzib olunan haqsız bir dəlil gətirib belə dedilər: “Bu kişi (Muhəmməd - ona Allahın salavatı və salamı olsun) iddia edir ki, o, İbrahimin (ona salam olsun) dini üzərindədir. Əgər Beytul-Məqdisə üz tutması İbrahimin (ona salam olsun) dinindəndirsə, bəs niyə ondan qayıtdı?” Onlara belə cavab verilir: “Uca Allah onun üçün əvvəlcə Beytul-Məqdisə tərəf üz tutmağı seçmişdir. Çünki bu işdə Uca Allahın bir hikməti var. O da bu işdə Uca Rəbbinə boyun əydi. Sonra Uca Allah onu İbrahimin (ona salam olsun) qibləsinə – Kəbəyə tərəf çevirdi, o da bu işdə Allahın əmrinə tabe oldu. Ona görə ki o hər bir halda Allaha itaət edər və bir an Allahın əmrindən çıxmazdı. Ümməti də onun ardınca gedir”.
Sonra Uca Allah buyurur: “Onlardan qorxmayın, Məndən qorxun”, yəni inadcıl zalımların şübhələrindən qorxmayın və qorxunu yalnız Mənə aid edin, çünki əslində, qorxmalı olduğunuz məhz Allahdır. Ayədəki “Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz” cümləsi bağlayıcı ilə “heç kəsin sizə qarşı bir dəlili olmasın” cümləsinə bağlanıb. Yəni Kəbəni qiblə olaraq sizin üçün təyin etməyimdə sizə olan nemətimi tamamlayım və bununla da şəriət qanunları hər cəhətdən sizin üçün kamil olsun. “Bəlkə, siz doğru yola yönələsiniz”, yəni Biz sizi digər ümmətlərin zəlalətə düşdükləri məsələlərdə doğru yola yönəltdik və bununla sizi digərlərindən fərqləndirdik (üstün etdik). Beləliklə, bu ümmət ümmətlərin ən şərəflisi və ən üstünüdür.
əl-Bəqərə, 151-152
كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِنْكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ * فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ
151. Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.
152. Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!

 
Uca Allah bu ayədə mömin qullarına Muhəmməd Peyğəmbəri ﷺ onlara göndərməklə bəxş etdiyi nemətini xatırladır. Bu peyğəmbər möminlərə Allahın açıq-aydın ayələrini oxuyur və onları təmizləyir. Yəni onları pis əxlaqlardan, mənəvi çirkinliklərindən və cahiliyyə dövrünün əməllərindən təmizləyir. Onları zülmətlərdən nura çıxarır. Onlara Kitabı, yəni Quranı və Hikməti, yəni Sünnəni (hədisləri) (Bu ayədə “Hikmət” sözünün “Sünnə” (hədislər) kimi təfsir edilməsi tam doğrudur. İmam əş-Şafii də bu təfsiri seçmişdir və bu rəyi güclü dəlillərlə əsaslandırmışdır. Bax: əş-Şafiinin “ər-Risələ” kitabı (245–254-cü səh)., bizim təhqiq etdiyimiz nüsxəyə. (Əhməd Şakir) öyrədir. Habelə daha əvvəl bilmədikləri şeyləri də onlara öyrədir. Belə ki onlar cahiliyyə dövründə elmsiz idilər və uydurma sözlər arxasınca qaçan bir toplum idilər. Muhəmməd Peyğəmbərin ﷺ elçiliyinin bərəkəti və uğuru sayəsində Allahın dostlarına və alimlərə çevrildilər. Onlar insanlar arasında ən dərin elmə, ən səmimi qəlbə, ən az yükə (Yəni Peyğəmbərə ﷺ yersiz sual verməklə özlərini yükləməyən, özlərini çətinliyə salmayan bir toplum idi) və ən doğru dilə sahib olan topluma çevrildilər. Necə ki Uca Allah buyurur: “Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər” (“Ali-İmran”, 164). Həmçinin Uca Allah bu nemətin qədrini bilməyənləri də qınayaraq belə buyurur: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir” (“İbrahim”, 28-29).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayədə “Elçi” dedikdə, Muhəmməd Peyğəmbər ﷺ nəzərdə tutulur. Bu səbəbdən növbəti ayədə Uca Allah möminləri bu neməti etiraf etməyə və bu nemətin qarşılığında Allaha şükür edib, Onu zikr etməyə çağıraraq buyurur: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!”
Mucahid Uca Allahın “Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik” ayəsi barəsində demişdir: “Uca Allah bu ayədə buyurur: “Mənim bu etdiklərimin qarşılığında siz də Məni zikr edin”. İbn Əbu Hatim rəvayət edir ki, Məkhul əl-Əzdi demişdir: “Bir dəfə mən Abdullah ibn Ömərdən soruşdum: “Adam öldürən, içki içən, oğurluq edən və zina edən kəs Allahı yad etsə, nə olar? Uca Allah buyurur: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (“əl-Bəqərə”, 152). Abdullah ibn Ömər (Allah ondan razı olsun) dedi: “Belələri Allahı yad etsələr, Allah da onları susana qədər lənətlə yad edər”. (İsnadı səhihdir. Məkhul əl-Əzdi-əl-Atəki əl-Basir etibarlı tabiindir. Böyük tabiin Məkhul əş-Şəmi bu deyil (Əhməd Şakir). İbn Əbu Hatim “Təfsir” 1397) Səid ibn Cubeyr demişdir: “Mənə itaət etməklə Məni yad edin ki, Mən də sizi məğfirətim (bağışlanma) ilə yad edim”. Bir başqa rəvayətdə isə “rəhmətimlə yad edim”, – demişdir. Səhih hədisdə gəlmişdir ki, “Uca Allah buyurur: “Kim Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. Kim Məni bir toplumda yad etsə, Mən onu onlardan daha xeyirli toplumda (mələklərin yanında) yad edərəm”. (İmam Əhməd “əl-Musnəd” əsərində (7416) buna oxşar mətnlə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. əl-Musnədin şərhində bildirdiyimiz kimi, hədisi həmçinin əl-Buxari və Muslim də rəvayət etmişlər (Əhməd Şakir). əl-Buxari, 6856, 7405; Muslim, 4/ 2061)  İmam Əhmədin Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ buyurur: “Ey Adəm oğlu! “Əgər sən Məni öz-özlüyündə yad etsən, Mən də səni Öz-Özlüyümdə yad edərəm. Əgər Məni bir toplumda yad etsən, Mən də səni mələklərin yanında və ya onlardan daha xeyirli toplumda (mələklərin yanında) yad edərəm. Əgər Mənə bir qarış yaxınlaşsan, Mən sənə bir dirsək yaxınlaşaram. Əgər Mənə bir dirsək yaxınlaşsan, Mən sənə bir qulac yaxınlaşaram. Əgər Mənə doğru yeriyərək gəlsən, Mən sənə doğru yüyürərək gələrəm” (Yəni “Əgər Mənə itaət etməklə yaxınlaşsan, Mən də sənə rəhmət, müvəffəqiyyət və yardım ilə yaxınlaşaram. Sənin itaətin nə qədər çox olarsa, rəhmətim də bir o qədər çox olar. Əgər Mənə itaət etməyə tələsərək gəlsən, Mən də sənə rəhmətimi yağdıraram, səni qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaram. Qulun Allaha yaxınlaşmağının dərəcəsinə görə mükafatı qat-qat verilir”. (Şərhun-Nəvəvi alə Səhih Muslim). (əl-Buxari, 6856, 7405; Muslim, 4/ 2061). İsnadı səhihdir. əl-Buxari rəvayət etmişdir. (əl-Musnəd (12432), (Əhməd Şakir).
Uca Allah buyurur: “Mənə şükür edin, Məni inkar etməyin!” Uca Allah qullarına Ona şükür etməyi əmr edir və şükür edənin xeyrini artıracağını vəd edir. Uca Allah buyurur: “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox, əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir” (“İbrahim”, 7). İmam Əhməd Əbu Racə əl-Utaridin belə dediyini rəvayət edir: “Bir gün İmran ibn Husayn əynində yundan tikilmiş mitraf (hər iki tərəfində bəzək olan) paltarla qarşımıza çıxdı. Onu əvvəl bu paltarda görməmişdik və bundan sonra da görmədik. O dedi: “Peyğəmbər ﷺ belə buyurdu: “Allah bir quluna bir nemət bəxş edərsə, bu nemətin əlamətini yaratdığının üzərində görməyi sevər”. (əl-Musnəd (4/438, Hələb nəşri). Hədisin mənası “əl-Musnəd” kitabında (6708) Abdullah ibn Amr ibn Asdan rəvayət edilir. İbn əl-Əsir demişdir: “Mitraf hər iki tərəfində bəzək olan paltara deyilir. Ona həmçinin mutraf və mətraf da deyirlər. Sözün əvvəlindəki “mim” hərfi əlavədir” (Əhməd Şakir). Əhməd, 19948, 20176. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).  
əl-Bəqərə, 153-154
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ * وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَكِنْ لَا تَشْعُرُونَ
153. Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!
154. Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.

 
Uca Allah əvvəlki ayədə qullarına şükür etməyi əmr etdiyini bəyan etdikdən sonra bu ayədə səbri bəyan etməyə başlayır və qullarını səbir və namazla kömək diləməyə yönəldir. Çünki qul ya bir nemət içərisində olur ki, buna şükür etməlidir, ya da bir müsibət içərisində olur ki, buna da səbir etməlidir. Necə ki hədisdə deyilir: “Möminin işi qəribədir!  Allahın onun barəsində verdiyi hər bir hökm onun üçün xeyirdir. Ona sevindirici bir şey gəldikdə şükür edər, bu onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu da onun üçün xeyir olar”. (Əhməd “əl-Musnəd” əsərində (4/332-333, 6/15-16, Hələb nəşri) Suheybdən rəvayət etmişdir. Həmçinin Muslim rəvayət etmişdir (2/392), (Əhməd Şakir). Muslim, 2999, 7692). Bu ayədə Uca Allah bildirir ki, qulun müsibətlərə tab gətirə bilməsi üçün ən yaxşı vasitə səbir və namazla Allahdan yardım diləməkdir. Necə ki Uca Allah bundan əvvəlki ayədə buyurur: “Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir” (“əl-Bəqərə”, 45). Hədisdə deyilir: “Peyğəmbərə ﷺ bir çətinlik üz verəndə namaz qılardı”. (“əl-Bəqərə” surəsinin 45-ci ayəsinin təfsirində (Əhməd Şakir). Əhməd, 1161; ən-Nəsəi “Sunənul-Kubra” 823, 825. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).  
Səbrin iki növü var. Birinci: haramlardan və günahlardan çəkinməyə səbir etmək. İkincisi: itaətləri və Allaha yaxınlaşdıran əməlləri yerinə yetirməyə səbir etmək. İkinci növ səbir savab baxımından daha böyükdür, çünki əsas nəzərdə tutulan səbrin ikinci növüdür.
Uca Allah buyurur: “Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər”. Bu ayədə Uca Allah şəhidlərin Bərzəx (Bərzəx sözünün lüğəti mənası “maneə” deməkdir. Burada isə dünya həyatı ilə Axirət arasında olan həyat nəzərdə tutulur. İnsanlar əksər hallarda qəbirdə dəfn olunduqları üçün bu həyata həmçinin “Qəbir həyatı” da deyilir). aləmlərində sağ olduqlarını və onlara ruzi verildiyini xəbər verir. Necə ki Muslimin “Səhih” əsərində rəvayət edilir: “Allah yolunda şəhid olanların ruhları yaşıl quşların içindədir. Onlar Cənnətdə istədikləri yeri dolaşar, sonra Ərşdən asılmış çıraqlara sığınarlar. Rəbbi onlara baxıb soruşur: “Nə istəyirsiniz?” Onlar: “Ey Rəbbimiz! Bundan artıq nə istəyək ki, heç bir bəndənə vermədiyin bir neməti bizə bəxş etmisən”, – deyə cavab verdilər. Uca Allah bunu onlardan bir neçə dəfə soruşur. Onlar bir şey istəməyincə yenə soruşulacaqlarını gördükdə: “Ey Rəbbimiz, bizi dünyaya qaytar ki, sənin yolunda vuruşaraq yenə öldürülək”, – dedilər. Çünki Allah yolunda şəhid olmağın savabının böyük olduğunu bilirdilər. Uca Allah buyurur: “Mən əzəldən (Lövhi-Məhfuzda) yazmışam ki, (öldükdən sonra) insanlar dünyaya qaytarılmayacaq”. (Muslim (2/98) bu hədisə mənaca oxşar bir hədis rəvayət etmişdir. Müəllif Muslimin rəvayət etdiyi bu hədisi “Ali-İmran” surəsinin 170-ci ayəsinin təfsirində Allahın izni ilə qeyd edəcəkdir. Həmçinin ət-Tabəri öz təfsirində (8206–8208) rəvayət etmişdir. Hədisin təxricini orada qeyd etmişik (Əhməd Şakir). Muslim, 1887, 3500, 4993). İmam Əhmədin İmam əş-Şafiidən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Möminin ruhu Allahın onları təkrar dirildəcəyi gün cəsədlərinə qaytarana qədər Cənnət ağaclarından yeyən bir quşdur”. (Musnəd (15843). Bu hədisi də müəllif “Ali-İmran” surəsinin 170-ci ayəsinin təfsirində Allahın izni ilə qeyd edəcək (Əhməd Şakir). Əhməd, 15777, 15816; ən-Nəsəi “Sunənul-Kubra” 2211. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2373). Bu hədis bütün möminlərin halının belə olacağına dəlalət edir. Lakin Quranda şəhidlər xüsusi olaraq zikr edilmişdir ki, bu da onların (Allah qatında) üstünlüyünü, şərəfini və hörmətini ifadə edir.
əl-Bəqərə, 155-157
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ * الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ * أُولَئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَرَحْمَةٌ وَأُولَئِكَ هُمُ الْمُهْتَدُونَ
155. Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
156. O kəslər ki onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər.
157. Onlara öz Rəbbi tərəfindən salavat (təriflər) və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.

 
Uca Allah bu ayələrdə qullarını imtahana çəkəcəyindən və sınayacağından xəbər verir. Necə ki başqa bir ayədə belə buyurur: “Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq” (“Muhəmməd”, 31). Bu sınaq bəzən sevinclə, bəzən də qorxu və aclıq kimi kədərlə olur. Necə ki Uca Allah buyurur: “Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü” (“ən-Nəhl”, 112). Çünki qorxan və ac qalan kəsin zahirində qorxu və aclıq əlamətləri üzə çıxır. Bu səbəbdən Uca Allah ayədə “aclıq və qorxu libasına bürüdü”, – buyurur. Bu ayədə isə “Biz sizi bir az qorxu, bir az aclıq”, yəni qorxu və aclıqdan az bir şeylə sınağa çəkərik. Sonra buyurur: “Bir az da mal-dövlət ilə”, yəni mal-dövlətin azalması ilə; “insan itkisi”, yəni dostların, qohumların və əzizlərin ölməsi ilə; “və məhsul itkisi ilə sınayarıq”, yəni meyvələrin, məhsulların və bağçaların həmişəki kimi məhsul verməməsi ilə sınayacağıq. Necə ki sələf alimlərdən bəziləri demişlər: “Bəzi xurma ağacları yalnız bir dəfə bar verərdi”. Bütün bunlar Allahın qullarını imtahana çəkməsi və sınağıdır. Kim bu imtahana səbir edərsə, ona savab verər. Kim ümidsizliyə düşərsə, Allahın əzabına layiq olar. Bu səbəbdən Uca Allah ayənin sonunda buyurur: “Səbir edənlərə müjdə ver”.
Daha sonra Uca Allah səbir edib, şükür etdiklərinə görə mükafatlandırdığı qullarını açıqlayaraq buyurur: “O kəslər ki onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”, – deyirlər”, yəni başlarına gələn müsibətə görə bu sözləri deməklə təsəlli tapırlar. Allahın mülkü olduqlarını və Uca Allahın da Öz mülkündə istədiyi kimi hökm etdiyini bilirlər. Həmçinin bilirlər ki, Allah qatında Qiyamət günü əməllərindən, zərrə qədər də olsa, bir şey itməz. Bu inam onların Allahın qulu olduqlarını və Axirət yurdunda təkrar Allaha dönəcəklərini qəbul etmələrindən irəli gəlir. Bu səbəbdən Uca Allah onlara verəcəyi mükafatı bildirərək buyurur: “Onlara öz Rəbbi tərəfindən salavat”, yəni Allahın onları tərif etməsi “və mərhəmət vardır”. Səid ibn Cubeyr demişdir: “Yəni əzabdan əmin-amanlıq vardır”. “Məhz onlar doğru yolda olanlardır”. Möminlərin əmiri Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “İki bərabər və əlavəsi də olan mükafat necə də gözəldir”. “Onlara öz Rəbbi tərəfindən salavat (təriflər) və mərhəmət vardır” ayəsində “salavat” və “mərhəmət” iki bərabər olan mükafatdır. “Məhz onlar doğru yolda olanlardır” ayəsi isə bunun əlavəsidir”. Əlavə dedikdə miniyin iki tərəfindəki yükün ortasına əlavə olunan yük nəzərdə tutulur. (Ömərdən gələn bu hədisi əl-Hakim “əl-Mustədrək” əsərində (2/270) rəvayət etmişdir. Hədisin səhih olub əl-Buxari və Muslimin şərtinə uyğun olduğunu bildirmişdir. əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). Həmçinin onlar da (müsibətə səbir etdiklərinə görə) layiq olduqları mükafatı almışlar və üstəlik, onlara əlavə də verilmişdir. Müsibət baş verərkən deyilən “İstirca” (“İstirca” sözünün lüğəti mənası “dönmək istəmək” deməkdir. Burada isə “İnna Lilləhi və İnnə İleyhi Raciun” (Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq!) duası nəzərdə tutulur), yəni “İnnə Lilləhi və İnnə İleyhi Raciun” (Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq!) duasının savabı haqqında bir çox hədislər varid olmuşdur. Bu hədislərdən biri də İmam Əhmədin Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdir. Ummu Sələmə (Allah ondan razı olsun) demişdir: “Bir gün Əbu Sələmə Peyğəmbərin ﷺ yanından gəldi və dedi: “Mən Peyğəmbərdən ﷺ bir söz eşitdim və buna görə çox sevindim. Peyğəmbər ﷺ dedi: “Müsəlmanlardan hər hansı birinə bir müsibət üz verərsə və o əsnada “İstirca” edib (“İnnə Lilləhi və İnnə İleyhi Raciun” – Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq! – deyib), sonra “Allahummə! Əcurni fi musibəti və əxlif li xayran minhə” (Allahım! Başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!) deyərsə, mütləq bu istədiyi olar”. Ummu Sələmə dedi: “Mən Əbu Sələmədən bu duanı əzbərlədim. Əbu Sələmə vəfat etdikdə “İnnə Lilləhi və İnnə İleyhi Raciun” (Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq!), – dedim. Ardından “Allahummə! Əcurni fi musibəti və əxlif li xayran minhə” (Allahım! Başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!), – dedim. Sonra öz-özümə fikirləşdim: “Mənin üçün Əbu Sələmədən daha xeyirli kim ola bilər?” Gözləmə müddətim (dörd ay on gün) bitdikdən sonra bir dərini aşılayırdım. Bu vaxt Peyğəmbər ﷺ məndən evə daxil olmaq üçün izn istədi. Mən tez əlimə bulaşan aşılama üçün hazırladığım məhlulu yuyaraq ona izn verdim. Peyğəmbərin ﷺ altına örtüyü lif olan bir döşək sərdim. Peyğəmbər ﷺ onun üzərinə oturdu və mənə evlənmək təklifi etdi. Peyğəmbər ﷺ sözünü bitirdikdən sonra dedim: “Ey Allahın Elçisi, mən səninlə evlənməyi istəməyə bilmərəm. Lakin mən çox qısqanc bir qadınam. Qorxuram ki, sən məndən Allahın məni cəzalandırmasına səbəb olacaq bir xislət görəsən. Həm də mən yaşlanmışam və oğul-uşaq sahibiyəm”. Peyğəmbər ﷺ buyurdu: “Qeyd etdiyin qısqanclığa gəlincə, bil ki, Allah bu hissi səndən aparacaq. Yaşlı olmağına gəlincə, sənin kimi mən də yaşlıyam. Oğul-uşağa gəlincə isə, sənin ailən mənim ailəmdir”. Ummu Sələmə dedi: “Mən Peyğəmbərə ﷺ təslim oldum. Beləcə Peyğəmbər ﷺ mənimlə evləndi”. Ummu Sələmə daha sonra dedi: “Uca Allah mənə Əbu Sələmədən daha xeyirlisini – Peyğəmbəri ﷺ yetirdi”. (Hədis “əl-Musnəd” kitabındadır (16412). Muslim də bu mənada Ummu Sələmədən (Allah ondan razı olsun) gələn müxtəsər bir hədis rəvayət etmişdir (1/251). Bu hədisi əl-Hafiz İbn Kəsir burada qeyd etmişdi, lakin rəvayət olunan hədislə eyni mənada olduğundan biz onu sildik. Sonra İbn Kəsir “İstirca” barədə Əhməd və İbn Məcənin əl-Huseyn ibn Əlidən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisi gətirmişdir. Lakin bu hədisin isnadı olduqca zəifdir. Daha sonra Əhməd və ət-Tirmizinin “İstirca” mənasında Əbu Musadan (ona salam olsun) rəvayət etdikləri daha bir hədisi gətirmişdir (Əhməd Şakir). Əhməd, 16388, 16455. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
əl-Bəqərə, 158
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ
158. Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükürün əvəzini verəndir, Biləndir.

 
İmam Əhməd Urvanın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mən Aişədən (Allah ondan razı olsun) Uca Allahın: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim Evi (Kəbəni)  həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...” ayəsi haqqında soruşdum və dedim: “Allaha and olsun ki, Səfa və Mərvəni təvaf etməyən kimsəyə günah yoxdur”. Aişə (Allah ondan razı olsun) dedi: “Sənin dediyin necə də pisdir, ey bacım oğlu! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı, onda ayə belə olardı: “bunları təvaf etməməsində ona günah sayılmaz”. Lakin bu ayə ənsar barəsində nazil olmuşdur. Onlar İslam dinini qəbul etməmişdən əvvəl tapındıqları Mənat adlı bütü ziyarət etmək məqsədilə Müşəlləl deyilən yerdən yola düşərdilər. Hər kim Mənatı ziyarət etmək məqsədilə ora gələrdisə, Səfa və Mərvəni təvaf etməyi özünə günah hesab edərdi. İslam dinini qəbul etdikdən sonra onlar Peyğəmbərdən ﷺ: “Ya Rəsulallah, biz cahiliyyə dövründə Səfa və Mərvəni təvaf etməkdən sıxılardıq”, – deyə soruşdular və Uca Allah bu ayəni nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (“əl-Bəqərə”, 158). Aişə (Allah ondan razı olsun) dedi: “Peyğəmbər ﷺ Səfa və Mərvəni təvaf etməyi vacib buyurmuşdur. Odur ki heç kəs (ziyarət əsnasında) onu tərk edə bilməz”. (əl-Buxari, 1534, 1643; Muslim, 2241, 3141). Hədisi əl-Buxari və Muslim özlərinin “Səhih” əsərlərində rəvayət etmişlər.
Hədisin başqa bir rəvayətində Zuhri (Allah ondan razı olsun) demişdir: “Mən bu hədisi Əbu Bəkr ibn Abdur-Rəhman ibn əl-Həris ibn Hişəmə danışdım. O dedi: “Mən bu elmi (hədisi) eşitməmişdim. Bəzi alimlərdən eşitdiyim yalnız budur ki, onlar deyərdilər: “Aişənin (Allah ondan razı olsun) qeyd etdiyi insanlar istisna olmaqla, ziyarətə gələnlərin hamısı belə deyərdilər: “Səfa və Mərvə dağlarını təvaf etməyimiz cahiliyyə dövrünün əməllərindəndir”. Digər ənsarlar isə belə deyirdilər: “Bizə Kəbəni təvaf etmək əmr olunub, lakin Səfa və Mərvə dağları barəsində heç nə buyurulmayıb”. Bu vaxt Uca Allah bu ayəni nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir” (“əl-Bəqərə”, 158). Əbu Bəkr ibn Abdur-Rəhman dedi: “Mənim bildiyimə görə, bu ayə hər iki dəstəyə cavab olaraq nazil olmuşdur (yəni cahiliyyə dövründə Səfa və Mərvə dağlarını təvaf etməyi günah hesab edən və bir də o dövrdə bu dağları təvaf edib, lakin İslam dinini qəbul etdikdən sonra Kəbəni təvaf etmək barəsində nazil olan ayəyə əsaslanaraq bunu günah hesab edən hər iki dəstəyə cavab olaraq). (Bax: “əl-Musnəd” (6/144, 227, Hələb nəşri), “Fəthul-Bari” (3/397-401), ət-Tabərinin təfsiri (2350-2351), (Əhməd Şakir). əl-Buxari Asim ibn Süleymanın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mən bəzi insanlardan Səfa və Mərva təpələri arasında təvaf etmək barəsində soruşdum. Onlar dedilər: “Biz Səfa və Mərva təpələri arasında təvaf etməyi cahiliyyə dövrünün əməllərindən hesab edirdik. İslam dini gəldikdən sonra bu əməli etmədik. Uca Allah da bu ayəni nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir”. (“Fəthul-Bari” (8/132), ət-Tabəri (2339), (Əhməd Şakir). əl-Buxari, 1648, 4136, 4226). Muslimin “Səhih” əsərində Cabirdən rəvayət olunan uzun hədisdə bildirilir ki, Peyğəmbər ﷺ Evi (Kəbəni) təvaf etdikdən sonra Qara daşın yanına qayıtdı. Ona ehtiramla toxundu. Sonra “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir” ayəsini oxuya-oxuya Səfa dağı olan tərəfdəki qapıdan çıxdı. Sonra dedi: “Allah (ayədə) nə ilə başlamışsa, mən də onunla başlayıram”.  (Muslim, 2137, 3009). ən-Nəsəidə gələn rəvayətdə isə Peyğəmbər ﷺ demişdir: “Allah (ayədə) nə ilə başlamışsa, siz də onunla başlayın!”  (ən-Nəsəi “Sunən” 2962; əd-Dəraqutni “Səhih” 2619. Hədis səhihdir). İmam Əhməd Həbibə bint Təcratın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mən Peyğəmbərin ﷺ Səfa və Mərva təpələri arasında təvaf etdiyini gördüm. İnsanlar onun qarşısında, o isə arxada idi. (Çökək yerə çatdıqda) sürətlə qaçırdı. (Hazırkı gündə həmin yerə yaşıl işıqlardan nişanlar qoyulmuşdur ki, hacılar Səfa və Mərvəni səy edərkən o yerdən qaça-qaça keçsinlər). Bərk qaçdığından izarı (ehramın alt hissəsi) ayaqlarına dolaşırdı və dizlərini görürdüm. Peyğəmbər ﷺ qaça-qaça belə deyirdi: “Səy edin! Həqiqətən, Allah sizə (Səfa və Mərva arasında) səy etməyi vacib etmişdir”. (əl-Musnəd (6/421, 422, Hələb nəşri), İbn Sad (8/180), əd-Durrul-Mənsur (1/160), (Əhməd Şakir). Əhməd, 27408; əl-Hakim, 6944. Şueyb əl-Arnavut hədisin həsən olduğunu bildirmişdir).   
Bəzi məzhəblər bu hədisə əsaslanaraq Səfa və Mərva arasında səy edib qaçmağın həccin rüknlərindən olduğunu demişlər. Necə ki bu əş-Şafii məzhəbinin və bu məzhəbin davamçılarının rəyidir. Həmçinin bu rəy İmam Əhməddən (Allah ondan razı olsun) rəvayət olunur. Malikdən (Allah ondan razı olsun) məşhur olan da budur. Bəziləri isə bu əməlin rükn deyil, vacib olduğunu, bəziləri isə hətta müstəhəb olduğunu söyləmişlər. Doğru olan isə birinci (rükn olması) rəydir, çünki Peyğəmbər ﷺ Səfa və Mərva təpələri arasında təvaf etmiş və “Həccinizin ehkamlarını məndən öyrənin”, – demişdir. Buna görə də Peyğəmbərin ﷺ həcc edərkən etdiyi bütün əməllər vacibdir və həccə gedənlərin onu etməsi mütləqdir. Yalnız dəlil vasitəsilə istisna olanlardan başqa. Ən doğrusunu Allah bilir.
Uca Allah bu ayədə Səfa və Mərva arasında təvaf etməyin Allahın nişanələrindən olduğunu bildirir. Yəni bu əməl Uca Allahın İbrahimə şəriət olaraq buyurduğu həcc ehkamlarından biridir. Daha əvvəl İbn Abbasın (Allah ondan razı olsun) hədisində keçdiyi kimi Səfa və Mərva arasında səy etmək Həcərin uşağına su axtararkən bu iki təpəni təkrar-təkrar gedib-gəlməsindən qaynaqlanır. İbrahim onları orada (Kəbənin yanında) qoyub getdikdə ətraflarında heç kəs yox idi. Özlərində olan azuqə və su da bitmişdi. Həcər uşağının həlak olmasından qorxub Allahdan kömək diləyərək yerindən qalxdı və ətrafda gəzib su axtarmağa başladı. Səfa və Mərva təpələri arasında acizanə şəkildə, qorxu içində, Uca Allaha möhtac və ehtiyac duyan halda gedib-gəlirdi. Nəhayət, Uca Allah onu bu sıxıntıdan xilas etdi, təkliyini (ətrafına insanlar məskun etməklə) aradan qaldırdı, çətinliyini asanlaşdırdı. Onun üçün yerdən “yeməyi əvəz edən və xəstəliklərdən şəfa olan”. (Bu cümlə Peyğəmbərin ﷺ “Zəmzəm suyu yeməyi əvəz edir və xəstəliklərə şəfadır” hədisindən götürülmüşdür. Hədisi İbn Əbu Şeybə və əl-Bəzzər Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişlər. Necə ki “əl-Camius-Sağir” kitabında gəlmişdir. (Əhməd Şakir). əl-Bəzzar, 3929. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3572) Zəmzəm suyunu qaynatdı. Səfa və Mərva arasında təvaf edən kəs Allah qarşısında acizliyini, zəlilliyini hiss edərək qəlbini doğru yola yönəltməsini, halını islah etməsini, günahlarını bağışlamasını diləməlidir. Nöqsanlarını və eyiblərini aradan qaldırması üçün Allaha sığınmalıdır. Ölənə qədər onu doğru yolda sabit etməsini, günah və asiliklərdən qurtararaq üzərində olduğu bu haldan daha yaxşı hala – bağışlanma, doğruluq və düz istiqamətə çevirərək kamil hala çatdırmasını diləməlidir. Eynilə Həcəri çətinlikdən rahatlığa çıxartdığı kimi.
əl-Bəqərə, 159-162
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ * إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ * إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ * خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ
159. Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!
160. Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!
161. Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162. Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

 
Bu, peyğəmbərlərin gətirdikləri doğru məqsədi və qəlblərə fayda verən hidayəti təsdiq edən açıq-aşkar dəlilləri gizlədənlər üçün şiddətli bir təhdiddir. Halbuki Uca Allah bu dəlilləri peyğəmbərlərinə endirdiyi kitablar vasitəsilə qullarına açıqlamışdır. Əbul-Aliyə demişdir: “Bu ayə Kitab əhli barədə nazil olmuşdur. Onlar Muhəmməd Peyğəmbərin ﷺ vəsflərini gizlədirdilər”. Sonra Uca Allah bu əməllərinə görə hər şeyin onları lənətlədiyini bildirmişdir. Necə ki alim üçün hər şey, hətta dənizdəki balıqlar, havada uçan quşlar bağışlanma diləyir, alimlərin əksi olaraq hər şey – Allah və lənət edə bilənlərin hamısı onlara lənət oxuyur. Bir-birini gücləndirən müxtəlif yollarla Əbu Hureyra (Allah ondan razı olsun) və digərlərindən rəvayət edilən və Peyğəmbərə ﷺ nisbət olunan hədisdə deyilir: “Peyğəmbər ﷺ belə demişdir: “Kimdən (dinə aid) bildiyi bir elm barədə soruşularsa və o bunu gizlədərsə, Qiyamət günü boynuna atəşdən bir yüyən keçirilər”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (7561) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisin təxrici barədə orada ətraflı danışmışıq. Həmçinin İbn Hibban “Səhih” əsərində (95) təxricimizlə və əl-Hakim “əl-Mustədrək”əsərində (1/101) rəvayət etmişlər (Əhməd Şakir). Əhməd, 10425; ət-Tirmizi, 2649, 2861. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 120). “Səhih” əsərində Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Əgər Allahın Kitabında bu ayə olmasaydı, heç kimə bir dənə də olsun hədis danışmazdım. Sonra “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!” (“əl-Bəqərə”, 159) ayəsini oxudu”. (əl-Hakim, 3074. əl-Hakim və əz-Zəhəbi isnadının səhih olduğunu bildirmişlər).
İbn Əbu Hatim Bəra ibn Azibin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Biz Peyğəmbərlə ﷺ bir cənazənin dəfnində iştirak edirdik. Peyğəmbər ﷺ dedi: “Həqiqətən, kafirin iki gözü arasına zərbə ilə elə vurulur ki, insan və cinlərdən başqa bütün canlılar onun səsini eşidirlər və o səsi eşidən hər bir canlı ona lənət edər. Uca Allahın: “onlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!” ayəsində nəzərdə tutulan budur”. (İbn Əbu Hatim, 1444. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2628). Ayədə “lənət edə bilənlər” dedikdə yer üzünün bütün canlıları nəzərdə tutulur. Hədisi İbn Məcə rəvayət etmişdir. (Hədisi əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (1/162) qeyd etmiş və İbn Məcaya, İbn əl-Munzirə və İbn Əbu Hatimə nisbət etmişdir. Hədis İbn Məcada müxtəsər olaraq (4021) rəvayət olunmuşdur. (Əhməd Şakir). Hədisdə Peyğəmbərin ﷺ belə buyurduğu rəvayət edilmişdir: “Göylərdə və yerdə olan hər kəs, hətta sudakı balıqlar belə alim üçün istiğfar edər (bağışlanma diləyər)”. (Bu, ət-Tirmizinin (3/380-381) Əbud-Dardədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisin bir hissəsidir. Kitabı şərh edən qeyd etmişdir ki, hədisi həmçinin Əhməd, əd-Dərimi, Əbu Davud və İbn Məcə rəvayət etmişlər (Əhməd Şakir). ət-Tirmizi, 2685, 2901. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3914). Bu ayədə isə qeyd edilir ki, şəriət elmini gizlədənə Allah, mələkləri və bütün insanlar lənət oxuyur. Həmçinin lənət edə bilənlər lənət oxuyur. Lənət edə bilənlər dedikdə həm ərəb, həm də başqa bir dildə danışan hər bir kəs nəzərdə tutulur. İstər dildə etsin, istərsə də əməllə etsin, istər aqil olsun, istərsə də dərrakəsiz olub Qiyamət günü etsin. Ən doğrusunu Allah bilir.
Bunun ardınca Uca Allah bu qrupdan (haqqı gizlədənlərdən) tövbə edənləri istisna edərək buyurur: “Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır”, yəni etdikləri günahlardan çəkinib, əməllərini və vəziyyətlərini islah edənlər və gizlətdikləri həqiqətləri insanlara bəyan edənlər müstəsnadır. “Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” Bu ayə göstərir ki, küfrə və ya bidətə dəvət edən kəs Allaha tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. (əs-Səədi bu ayənin təfsirində demişdir: “Bu ayə dəlildir ki, haqqı gizlədən kəsin tövbəsinin qəbul olması üçün tövbə edib əməllərini islah etməsi kifayət etmir, ta ki gizlətdiyi haqqı bəyan etməyənə qədər. Məhz bu halda Allah onun tövbəsini qəbul edir. Çünki Allaha tövbə ilə qul arasında heç bir maneə yoxdur. Kim tövbənin qəbul olunması üçün tələb olunan səbəbləri edərsə, Allah onun tövbəsini qəbul edər”. (Bax: “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” kitabı, 160-cı ayənin təfsiri). Rəvayət edilir ki, keçmiş ümmətlərdə bu kimi insanların tövbəsi qəbul olunmurdu. Bu kimi insanların tövbəsinin qəbul edilməsi tövbə və rəhmət Peyğəmbərinin ﷺ şəriətinə xasdır. Allahın salavatı və salamı onun üzərinə olsun. 
Sonra Uca Allah Ona küfr edib, ölənə qədər eyni hal üzrə davam edənlər haqqında xəbər verərək buyurur: “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar”, yəni bu lənət Qiyamət gününə qədər davam edəcək. Sonra da Cəhənnəm oduna girənə qədər onlara yoldaş olacaq. “Onların əzabı yüngülləşdirilməyəcək”, yəni olduqları hal dəyişməyəcək; “və onlara möhlət də verilməyəcəkdir”, yəni bir an belə onların əzabı azalmaz, düşdükləri od soyumaz. Fasiləsiz, davamlı bir əzab içərisində qıvrılarlar. Bu haldan Allaha sığınırıq.
əl-Bəqərə, 163
وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ
163. Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.

 
Uca Allah bu ayə ilə ibadətə layiq olan məbudun yalnız Özü olduğunu, şərikinin və bənzərinin olmadığını, Tək olduğunu, heç kəsə möhtac olmadığını bildirir. O Allah ki Ondan başqa ibadətə layiq haqq məbud yoxdur və O, Mərhəmətlidir, Rəhmlidir. Uca Allahın ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) adlarının təfsiri “əl-Fatihə” surəsinin əvvəlində keçmişdir. Əsmə bint Yəziddən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbərin ﷺ belə dediyi göstərilir: “Allahın ən Əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (“əl-Bəqərə”, 163) və “Əlif, Ləm, Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur” (“Ali-İmran”, 1-2)”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (6/461, Hələb nəşri) oxşar mətnlə rəvayət etmişdir. Həmçinin Əbu Davud (1496) rəvayət etmişdir. Hədisin mətni də ona aiddir. əl-Munziri demişdir: “Hədisi ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisin həsən olduğunu bildirmişdir”. İbn Məcə (3855) (Əhməd Şakir). Əbu Davud, 1498; ət-Tirmizi, 3478; İbn Məcə, 3855. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1642). Sonra Uca Allah ibadətə layiq Tək məbud olmasına dəlil olaraq göyləri, yeri və onların içərisində və arasında olan məxluqları Tək Özü yaratdığını bildirir. Uca Allahın yaratdığı və var etdiyi bütün məxluqat Onun təkliyinin göstəricisidir.
əl-Bəqərə, 164
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
164. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır.

 
Uca Allah bu ayədə buyurur: “Həqiqətən də, göylərin və yerin yaradılmasında”, yəni göylərin yüksək, geniş, hərəkət edən və etməyən ulduzları və dönən orbitləri ilə yaradılmasında, yer üzünün isə enişli-yoxuşlu dağları, dənizləri, gölləri, səhraları, dərələri, məhsuldar torpaqları və orada olan mənfəətləri ilə yaradılmasında; “gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında”, yəni biri gəldikdə, digərinin getməsində və beləcə bir-birlərini əvəz edərək bir an belə gecikməməsində insanlar üçün dəlillər var. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir” (“Yasin”, 40). Bəzən biri qısalır, digəri uzanır. Bəzən gündüz gecədən, bəzən də gecə gündüzdən müəyyən zaman borc alır (uzanır). Uca Allah buyurduğu kimi: “Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir” (“əl-Həcc”, 61). Yəni gecəyə gündüzdən artırır, gündüzdən də gecəyə artırır. “İnsanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə”, yəni insanların yaşaması və faydalanması məqsədilə gəmiləri bir tərəfdən digər tərəfə daşımaq üçün, habelə bir iqlimdə yaşayanların öz məhsullarını digər iqlimə, digəri də öz məhsullarını bu iqlimə daşıyaraq bir-birlərindən faydalanmaları üçün dənizi ram etməsində və “Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda” insanlar üçün dəlillər var. Necə ki Uca Allah “Yasin” surəsində buyurur: “Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir” (“Yasin”, 33–36).
“Onun bütün heyvanatı yer üzünə yaymasında”, yəni Uca Allahın növlərinə, rənglərinə, faydalarına, böyüklüyünə və kiçikliyinə görə müxtəlif olan bu canlıları yer üzünə yaymasında insanlar üçün dəlillər vardır. Bu müxtəlifliyə baxmayaraq, Uca Allah bu canlıların hamısından xəbərdardır. Onları ruziləndirir və heç bir şey Ondan gizli qalmaz. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)” (“Hud”, 6).
 “Küləklərin istiqamətinin dəyişdirilməsində”, yəni bəzən rəhmət, bəzən də əzab gətirməsində, bəzən yağışdan qabaq müjdəçi olaraq əsməsində, bəzən buludları yığıb gətirməsində, bəzən dağıtmasında, bəzən də buludların istiqamətini dəyişməsində insanlar üçün dəlillər vardır.
“Göylə yer arasında ram edilmiş buludlarda” – bu buludları Allah istədiyi kimi, istədiyi yerlərə və torpaqlara ram edərək istiqamətləndirir. Bütün bu yuxarıda sadalananlarda “başa düşən insanlar üçün dəlillər vardır”, yəni bütün bunlar Uca Allahın Təkliyinə açıq-aşkar dəlillərdir. Necə ki Uca Allah buyurur: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (“Ali-İmran”, 190–191).
əl-Bəqərə, 165-167
وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ * إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ * وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ
165. İnsanlardan elələri də var ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.
166. O zaman tabe olunmuş başçılar tabe olunanlardan uzaqlaşacaq, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.
167. Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.

 
Uca Allah bu ayələrdə Ona şərik qoşanların dünyadakı halını və Axirətdə başlarına gələcəkləri bildirir. Belə ki onlar Allahdan qeyrilərini Ona tay tutmuşlar. Yəni Allaha bənzərlər, oxşarlar iddia edib Allahı sevdikləri kimi onları da sevirlər. Halbuki Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Onun nə rəqibi, nə bənzəri, nə də şəriki var. əl-Buxari və Muslim özlərinin eyniadlı “Səhih” əsərlərində Abdullah ibn Məsudun belə dediyini rəvayət etmişlər: “(Bir dəfə) mən Peyğəmbərdən ﷺ soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” O buyurdu: “Səni yaradan Allaha (başqa birisini) tay tutmağın!” (əl-Buxari, 4117, 4477; Muslim, 124, 267).
Uca Allah buyurur: “İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür”. Allahı sevdiklərinə və Onu yaxşı tanıdıqlarına görə Ona hörmət edib ibadətdə təkləşdirərək heç bir şeyi Ona şərik qoşmazlar. Yalnız Ona ibadət edər, yalnız Ona təvəkkül edər və hər işlərində Ona sığınarlar. Sonra Uca Allah Ona şərik qoşmaqla özlərinə zülm edən müşrikləri təhdid edərək buyurur: ”Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu”, yəni bütün hökmün şəriki olmayan Allaha aid olduğunu və hər şeyin Onun mütləq hakimiyyəti və səltənəti altında olduğunu; “və Allahın şiddətli əzab verdiyini görəydilər”. Necə ki başqa bir ayədə belə buyurur: “O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz” (“əl-Fəcr”, 25-26). Uca Allah buyurur ki, əgər onlar orada gözləri ilə görəcəkləri şeyi dərk edə bilsəydilər, Allaha şərik qoşduqlarına və küfr etdiklərinə görə başlarına gələcək dəhşətli, pis və qorxulu halı bilmiş olsaydılar, düşdükləri azğınlığa son qoyardılar.
Sonra Uca Allah Axirətdə müşriklərin (dünyada) ibadət etdikləri bütləri inkar edəcəklərini və bu azğın əməldə tabe olunmuş başçılarla tabe olunanların bir-birlərindən uzaqlaşacaqlarını xəbər verir və buyurur: “O zaman tabe olunmuş başçılar tabe olunanlardan uzaqlaşacaq”. Dünya həyatında ibadət etdiklərini sandıqları mələklər onlardan uzaqlaşaraq deyəcəklər: “Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər” (“əl-Qasas”, 63). Həmçinin deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi” (“Səba”, 41). Cinlər də onlardan uzaqlaşaraq özlərinə ibadət etdiklərini inkar edəcəklər. Necə ki Uca Allah onlar haqqında belə buyurur: “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər” (“əl-Əhqaf”, 5-6). “Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar. Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək” (“Məryəm”, 81-82). Allahın sevimli dostu İbrahim (ona salam olsun) qövmünə demişdir: “İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz” (“əl-Ənkəbut”, 25). “Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər öz şəxsiyyətləri haqda yüksək rəydə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”. Özləri haqda yüksək rəydə olanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”. Zəiflər özləri haqda yüksək rəydə olanlara deyərlər: “Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar” (“Səba”, 31–33). “İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır” (“İbrahim”, 22).
Uca Allah buyurur: “...hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir”, yəni Allahın əzabını gözləri ilə gördükdə aralarında olan bütün əlaqələr kəsiləcək və qurtuluş vasitələri qalmayacaq. Oddan yayınmağa və qaçmağa heç bir yer tapa bilməyəcəklər.
Uca Allah buyurur: “Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Yəni tabe olanlar deyərlər: “Əgər biz dünya həyatına bir daha dönsəydik, bunlardan və bunların (Allahdan başqasına) ibadət etmələrindən uzaqlaşardıq. Onlara tərəf dönməzdik, əksinə, tək Allaha ibadət edərdik”. Şübhəsiz ki, onlar bu sözlərində yalan danışırlar, çünki əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Necə ki Uca Allah onlar barədə başqa ayədə xəbər verir. Bu səbəbdən bu ayədə buyurur: “Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər”, yəni Allah onlara (şərik qoşduqlarına görə) əməllərinin necə yox olduğunu, itdiyini göstərəcək. Necə ki Uca Allah bir ayədə belə buyurur: “Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik” (“əl-Furqan”, 23). Bir ayədə isə belə buyurur: “Rəbbini inkar edənlərin məsəli – onların əməlləri qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur” (“İbrahim”, 18). Başqa bir ayədə isə belə buyurur: “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir” (“ən-Nur”, 39). Bu səbəbdən Uca Allah bu ayənin sonunda belə buyurur: “Onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər”.
əl-Bəqərə, 168-169
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ * إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
168. Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O sizin açıq-aşkar düşməninizdir.
169. O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.

 
Uca Allah əvvəlki ayələrdə Özündən başqa ibadətə layiq olan haqq məbudun olmadığını və istədiyini yaratdığını bəyan etdikdən sonra bu ayələrdə yaratdığı bütün məxluqata ruzini Özünün verdiyini açıqlamağa başlayır. Lütf olaraq insanlara yer üzündə olan halal və təmiz ruzilərdən yeməyi icazə verdiyini qeyd edir. Halal və təmiz dedikdə özü özlüyündə təmiz olub, bədənə və ağıla zərəri olmayan ruzilər nəzərdə tutulur. Habelə şeytanın addımlarının ardınca getməyi qadağan edir. Şeytanın addımları dedikdə ona tabe olanları azdırmaq üçün istifadə etdiyi yollar və vasitələr nəzərdə tutulur. Bu yollardan biri də cahiliyyə dövründə insanları azdıraraq əməllərini özlərinə gözəl göstərib bəhirə, saibə, vəsilə (Bəhirə, saibə və vəsilə cahiliyyə dövründə müşriklərin bütlərə nəzir edərək istifadə olunmasını və yeyilməsini Allahdan gələn heç bir dəlil olmadan özlərinə haram etdikləri heyvanların adlarıdır. Bu adları onlar özləri qoymuşdular. Uca Allah bu barədə “əl-Maidə” surəsində buyurur: “Allah müşriklərin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır” (“əl-Maidə”, 103). əs-Səədi bu ayənin təfsirində demişdir: “Bəhira – müşriklərin (bütə nəzir edildiyini bildirmək üçün) qulağını çərtməklə işarə etdikləri dəvəyə deyilir. Bu dəvəyə hörmət əlaməti olaraq minmək qadağan idi. Saibə – müşriklərin müəyyən yaş həddinə çatdıqdan sonra (bütlərə nəzir edildiyi üçün) atılaraq nəzarətsiz buraxılmış dəvə, inək və ya qoyuna qoyduqları addır. Bu heyvanlara minmək, istifadə etmək və ətindən yemək qadağan olunurdu. Bəzən sahib olduqları digər mallarından da ayırıb saibə adlandırırdılar”) və s. adlandırdıqları bu kimi şeyləri (bütlərə nəzir etdikləri heyvanların ətlərini yeməyi və tərkinə minməyi) onlara qadağan etməsidir. Necə ki Muslimin “Səhih” əsərində İyad ibn Həmardan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurur: “Quluma əta etdiyim hər bir mal halaldır. Şübhəsiz ki, Mən bütün qullarımı müsəlman olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. Onlara halal etdiyim şeyləri haram etdilər”. (Bu hədis Muslimin (2/356-357) rəvayət etdiyi uzun hədisdən bir hissədir. İbn Kəsir bu hədisi tam şəkildə İmam Əhmədin rəvayəti ilə “əl-Maidə” surəsinin 19-cu və “ər-Rum” surəsinin 30-cu ayələrinin təfsirində gətirəcək. (Əhməd Şakir).
Qatədə və əs-Suddi Uca Allahın “Şeytanın addım izləri ilə getməyin!” sözü barədə demişlər: “Allaha edilən hər bir asilik şeytanın addımlarındandır”.
Uca Allah buyurur: “O sizin açıq-aşkar düşməninizdir”. Bu ayədə Uca Allah qullarını şeytandan uzaqlaşdıraraq ondan çəkindirir. Necə ki başqa bir ayədə buyurur: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (“Fatir”, 6).  Həmçinin buyurur: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (“əl-Kəhf”, 50).
Uca Allah buyurur: “O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir”, yəni düşməniniz olan şeytan sizə pis əməlləri əmr edir. Bu əməllərin ən pisi isə zina və buna bənzər iyrənc əməllərdir. Bundan daha ağır olanı isə Allah barədə elmsiz danışmaqdır. Hər bir kafir, həmçinin dinə yenilik edən bidətçi bu ayənin məzmununa daxildir.
əl-Bəqərə, 170-171
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ * وَمَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ
170. Onlara: “Allahın nazil etdiyinə tabe olun!”- deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”- deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
171. Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar.

 
Uca Allah bu ayədə Allaha şərik qoşan kafirlərə buyurur: “Allahın nazil etdiyinə tabe olun!”- yəni Allahın Peyğəmbərinə ﷺ nazil etdiyinə tabe olun, üzərində olduğunuz cəhaləti və azğınlığı tərk edin “deyildikdə”, onlar cavab olaraq belə deyərlər: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”- yəni atalarımızın ibadət etdiyi bütlərə ibadət etməyə davam edəcəyik. Uca Allah onların bu sözünə rədd olaraq buyurur: “Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?”- yəni özlərinə örnək götürüb dalınca getdikləri atalarının heç bir düşüncəsi olmayıb doğru yolda deyillərsə, onda necə? İbn İshaq rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə yəhudilərdən bir toplum barədə nazil olmuşdur. Peyğəmbər ﷺ onları İslama dəvət etdikdə onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”- demişdilər. Bu səbəbdən Uca Allah bu ayəni nazil etdi”.
Sonra Uca Allah belə deyən kafirlərə bir məsəl çəkir. Necə ki buyurur: “Pis sifət Axirətə inanmayanlara xasdır. Ən Uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Müdrikdir”. Uca Allah kafirlərə məsəl çəkərək buyurur: “Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir”, yəni kafirlər üzərində olduqları azğınlıq və cahilliklərinə görə özünə nə deyildiyini anlamayan heyvanlar kimidir. Sahibi onları hayladığı zaman, yəni onlara doğru yolu göstərmək üçün çağırdığı zaman nə dediyini anlamazlar, baxıb dayanarlar. Yalnız səsini eşidərlər. İbn Abbas, Əbul-Aliyə, Mucahid, Qatədə və digərlərindən də bu təfsir rəvayət edilmişdir. Başqa bir rəyə görə, bu məsəl onların eşitməyən, görməyən və heç nəyi anlamayan bütlərə dua etmələrinə görə çəkilmişdir. Bu rəyi İbn Cərir seçmişdir. Lakin birinci rəy daha uyğundur, çünki bütlər heç nə eşitməyən, heç nə dərk etməyən, heç nə görməyən və hərəkət etməyi bacarmayan cansız əşyalardır.
Uca Allah buyurur: “Onlar kar, lal və kordurlar”, yəni kar olub haqqı eşitməz, lal olub haqqı söyləməz və kor olub haqq yolunu görməzlər; “haqqı anlamazlar”, yəni heç bir şey dərk etmirlər və anlamırlar. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər” (“əl-Ənam”, 39).
əl-Bəqərə, 172-173
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ * إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
172. Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
173. O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyil etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

 
Uca Allah bu ayədə mömin qullarına ruzi olaraq verdiyi təmiz nemətlərdən yeməyi və əgər Allahın həqiqi qullarıdırsa, bu nemətlərə görə Ona şükür etməyi əmr edir. Çünki halal yemək duanın və ibadətin qəbul olunmasının səbəbidir. Necə ki haram yemək duanın və ibadətin qəbul olunmasına maneədir. İmam Əhmədin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: ”Həqiqətən də, Uca Allah Tayyibdir (Pakdır) və yalnız təmiz (halal) olanı qəbul edir. Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmiş və buyurmuşdur: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (“əl-Muminun”, 51). Başqa ayədə buyurur: ”Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (“əl-Bəqərə”, 172). Sonra o (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun), uzun müddət səfərdə olan saçı dağınıq, üstü toz-torpaqlı, əllərini göyə açaraq: “Ey Rəbbim, ey Rəbbim”, – deyə dua edən bir kişini xatırlatdı. Halbuki onun yediyi haram, içdiyi haram və haramla bəslənmişdir. Beləsinin duası necə qəbul olsun?” (əl-Musnəd (8330), Səhih Muslim (1/278) (Əhməd Şakir). Əhməd, 8330, 8350; Muslim, 2393; ət-Tirmizi, 2989, 3257). Bu hədisi Muslim özünün “Səhih” əsərində və ət-Tirmizi rəvayət etmişlər.
Uca Allah qullarına verdiyi ruzidən və halal nemətdən yemələrini buyurduqdan sonra bu nemətlərdən yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni onlara haram etdiyini açıqlayır. Ölü heyvan kəsilmədən, öz-özünə ölən heyvandır. İstər boğulmuş, istər döyülüb öldürülmüş, istər hündür bir yerdən yıxılıb gəbərmiş, istər buynuzlanıb öldürülmüş, istərsə də yırtıcı heyvan tərəfindən parçalanmış olsun. (İbn Kəsir demişdir ki, bu ayədə ölü heyvan deyildikdə quruda yaşayan heyvanlar qəsd edilir. Belə ki başqa ayədə dənizdə ovlanmış heyvanların bizə halal olduğu açıq-aydın bəyan edilmişdir: “Dəniz ovu və onu yemək sizə halal edildi” (“əl-Maidə”, 96); “Allah dənizi sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz” (“ən-Nəhl”, 14). Həmçinin Peyğəmbər ﷺ dəniz haqqında belə demişdir: “Onun suyu təmiz, içindəki leş balıqlar isə halaldır” (ət-Tirmizi, 69, İbn Məcə, 386). Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 480). Həmçinin donuz əti də haram edilmişdir. İstər kəsilmiş, istərsə də özbaşına ölmüş olsun. Donuzun yağı da əti hökmündədir. Həmçinin Allahdan başqasının adına kəsilmiş heyvanlar da haramdır. Allahdan başqası üçün kəsilmiş heyvan dedikdə Allahdan başqasının adına, yəni bütlər, fal oxları və sairə bu kimi Allaha şərik qoşulan şeylərin adına kəsilənlər nəzərdə tutulur. Necə ki cahiliyyə dövründə müşriklər qurbanlarını bunların adına kəsirdilər. Haram olanları sadaladıqdan sonra Uca Allah zərurət və ehtiyac halında, həmçinin haram edilən bu şeylərdən başqa yemək olmadıqda, bunlardan bir miqdar yeyilə biləcəyinin icazəli olduğunu bildirərək buyurur: “Hər kəs harama meyil etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa”, yəni zəruri hallarda həddi aşmadan yeməyə məcbur olarsa; “bu ona günah hesab edilməz”, yəni bunlardan yemək ona günah sayılmaz. “Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. Qatədə demişdir: “Ölü heyvanı yeməkdə həddi aşmamaq dedikdə halal yemək tapa bildiyi halda, halalı qoyub harama əl uzatmamaq nəzərdə tutulur”.
Məsələn: Dara düşən adam ölü heyvan əti ilə (özünün deyil) başqasına məxsus (halal) yemək arasında seçim etmək məcburiyyətində qalarsa, başqasına əziyyət verməmək və onu çətinliyə salmamaq şərti ilə ölü heyvanın ətindən deyil, başqasına aid olan (halal) yeməkdən yeməlidir. Bu məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. İbn Məcə Abbad ibn Şurahbil əl-Ğubərinin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “İllərin birində aclıq baş verdi. O ili mən Mədinəyə gəldim və Mədinə bağlarından birinə girdim. Bağdan bir çəngə sünbül qopardıb onu ovxaladım və dənlərini yedim. Sonra sünbüldən bir qədər də yığıb torbama qoydum. Bağ sahibi gəlib məni döydü və (yığdığım sünbülün əvəzinə) paltarımı aldı. Mən Peyğəmbərin ﷺ yanına gəlib bunu ona xəbər verdim. Peyğəmbər ﷺ kişiyə dedi: “Ya onu ac ikən doyuzdurardın, ya da cahil olduğu üçün etdiyi səhvi başa salardın!” Sonra Peyğəmbər ﷺ ona məndən aldığı paltarı geri qaytarmağı və mənə bir vəsq (Bir vəsq 60 saaya, bir saa isə 2,40 kq buğdaya bərabərdir (“Şərh Zadul-Müstəğna”, 6/104). Demək, 1 vəsq 144 kq buğdaya bərabərdir. Bir vəsq altmış saa miqdarındadır. Bu isə kiloqramla hesablandıqda 612 kq edir) və ya yarım vəsq yeyinti məhsulu verməyi əmr etdi”. Hədisin isnadı səhihdir və olduqca güclüdür. (İbn Məcə (2298) hədisin səhih olduğunu bildirmişik. Hədis kitabının çap olunmuş nüsxəsində təhrif olunmuşdur. Hədisə İbn Məcədən bəzi əlavələr etmişik. Hədisi həmçinin Əhməd “əl-Musnəd” əsərində (17594), Əbu Davud (2620) və ən-Nəsəi (2/309) rəvayət etmişlər. əl-Hafiz “əl-İsabə” kitabında qeyd etmişdir (4/24) və sənədinin səhih olduğunu bildirmişdir. Hədisi rəvayət edən səhabə əl-Ğubəri Bənu Ğubər qəbiləsindəndir. Yəşkur qəbiləsinin bir qoludur (Əhməd Şakir). Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2229).  
Hədisin sabit olmasına şahidlik edən (digər səhabələrdən rəvayət olunan) bir çox hədislər var. Bu hədislərdən biri də Amr ibn Şueybin atasından (Şueyb ibn Muhəmməddən), o da Amrın babasından (böyük səhabə Abdullah ibn Amr ibn Asdan
- Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir: “Peyğəmbərdən ﷺ (sahib olmadığın bağda) ağacın budağından sallanmış meyvələrin yeyilməsinin icazəli olub-olmaması barədə soruşuldu. Peyğəmbər ﷺ dedi: “Ehtiyacı olan kəsin aparmamaq şərti ilə bu meyvədən yeməsi icazəlidir”. (Bu hədis İmam Əhmədin “əl-Musnəd” əsərində bir neçə yerdə rəvayət etdiyi mənaca yaxın olan hədisin bir hissəsidir (6683), (Əhməd Şakir). Əhməd, 7094; ət-Tirmizi, 1289. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3121). Məsruqdan belə rəvayət olunduğu deyilir: “Haram olunmuş şeylərdən yeməyə məcbur olan kəs yeməsə, içməsə və nəticədə aclıqdan ölsə, Cəhənnəmə girər”. Bu göstərir ki, dara düşmüş kəsin (zərurət halında) ölü heyvandan yeməsi qətidir (vacibdir), rüsxət (seçim) deyil. əl-Ğazəlinin tələbəsi olmuş, əl-Kiyə əl-Hərasi kimi tanınan Əbul-Həsən ət-Tabəri demişdir: “Bizə (əş-Şafii məzhəbinə) görə, doğru olan budur. Xəstə adama (Ramazanda) orucunu açmaq vacib olduğu kimi (eləcə də dara düşənin sağ qalması üçün ölü heyvanın ətindən yeməsi vacibdir)”.
əl-Bəqərə, 174-176
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ * أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى وَالْعَذَابَ بِالْمَغْفِرَةِ فَمَا أَصْبَرَهُمْ عَلَى النَّارِ * ذَلِكَ بِأَنَّ اللَّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ
174. Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
175. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın əvəzinə isə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!
176. Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər.

 
Uca Allah: “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar”, – dedikdə yəhudiləri nəzərdə tutur. Çünki onlar əllərində olan Kitabda Muhəmmədin ﷺ peyğəmbərliyinə dəlalət edən vəsfləri gizlətmişlər. Bunu etməkdə məqsədləri ərəblər arasında tutduqları yüksək məqamı əldən verməmək və ərəblərin onlara olan hörməti səbəbindən ərəblərdən aldıqları hədiyyələri və bəxşişləri itirməmək olmuşdur. Qorxurdular ki, Peyğəmbərin ﷺ öz kitablarında gələn vəsflərini açıqlasalar, insanlar Peyğəmbərə ﷺ tabe olar və onları tərk edərlər. Allahın lənəti onların üzərinə olsun! Beləcə sadə və əhəmiyyətsiz şeylərdən ötrü haqqı gizlətdilər və özlərini bu sadə şeylərə satdılar. Doğru yoldan üz çevirib, haqqa tabe olmaqdan imtina edib, Peyğəmbəri ﷺ təsdiq etməyi və Allah tərəfindən gətirdiyinə iman gətirməyi bu sadə şeylərə dəyişdilər. Bununla da dünya və Axirətdə ziyana uğradılar. Dünyada ziyana uğramalarına gəlincə Uca Allah Öz qullarına Peyğəmbərinin ﷺ doğruluğunu ona verdiyi dəlillərlə və açıq-aşkar möcüzələrlə ortaya qoymuşdur. Yəhudilərin Peyğəmbərə ﷺ tabe olmasından qorxduqları ərəblər Peyğəmbəri ﷺ təsdiq etdilər və yəhudilərlə döyüşmək üçün Peyğəmbərə ﷺ köməkçi oldular. Beləcə yəhudilər Allahın onlara bəslədiyi qəzəbin üzərinə qəzəb artırmış oldular. Uca Allah Öz Kitabında (Quranda) yəhudiləri bir çox yerdə məzəmmət etmişdir. Bu yerlərdən biri də bu ayədir: “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər”, bu isə dünya həyatının fani mənfəətidir. “Öz qarınlarına oddan başqa bir şey doldurmurlar”, yəni onlar haqqı gizlətməyin müqabilində yedikləri – Qiyamət günü qarınlarında alovlanacaq atəşdir. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” (“ən-Nisa”, 10). Səhih hədisdə Peyğəmbər ﷺ demişdir: “Gümüş qabda su içən kimsələr, əslində, qarnına Cəhənnəm odu doldurur (və ya Qiyamət günü Cəhənnəm odu onun qarnında quruldayacaq)”. (əl-Buxari (10/84, “Fəthul-Bari”), Muslim (2/149), İbn Məcə (3413). Hamısı Ummu Sələmədən rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 5633-5634).
Uca Allah buyurur: “Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. Çünki Allahın onlara qəzəbi tutmuşdur. Onlar haqqı bildikləri halda onu gizlətmişlər. Bu səbəbdən Allahın qəzəbinə layiq olmuşlar. Qiyamət günü Uca Allah onların üzünə baxmayacaq; “və onları təmizə çıxarmaz”, yəni onları tərifləməz, onların xeyrinə söz söyləməz, əksinə, onlar üçün ağrılı-acılı bir əzab vardır.
Sonra Uca Allah onların halı barədə xəbər verərək buyurur: “Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın əvəzinə isə əzabı satın alan şəxslərdir”, – yəni hidayətdən üz çevirmişlər. Halbuki öz kitablarında Peyğəmbərin ﷺ vəsfi, peyğəmbər olaraq göndərilməsi barədə məlumatlar bildirilmişdir. Həmçinin digər peyğəmbərlərin kitabları da Peyğəmbərin ﷺ gəlişini müjdələmişdir. Onlar isə bu həqiqətlərə tabe olub, onları təsdiq etməkdən boyun qaçırdılar. Əvəzinə isə azğınlığı – Peyğəmbəri ﷺ yalan saymaq, dediklərini inkar etmək və Kitablarındakı vəsflərini gizlətməyi seçmişlər. “Bağışlanmanın əvəzinə isə əzabı satın alan şəxslərdir”, yəni bağışlanmadan üz çevirib, əzabı seçmişlər. Buna səbəb isə yuxarıda qeyd olunan əməlləridir.
Uca Allah buyurur: “Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!” Uca Allah bildirir ki, onlar şiddətli, böyük və çox ağrılı bir əzab içərisində olacaqlar və onların bu şiddətli əzaba, cəzaya və buxovlara dözdüklərini görənlər təəccüblənəcək. Bu haldan Allaha sığınırıq. Başqa bir rəyə görə, ayənin təfsiri belədir: “Onları əzaba sürükləyəcək bu günahlara necə də dözümlüdürlər!”
Uca Allah buyurur: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir”, yəni onların bu şiddətli əzaba layiq olmalarına səbəb budur ki, Uca Allah Öz Elçisi Muhəmmədə ﷺ və ondan əvvəlki bütün peyğəmbərlərə göndərdiyi kitablarda haqqı gerçəkləşdirmiş və batili puç etmişdir. Onlar isə Allahın ayələrini məsxərəyə qoymuşlar. Kitabları onlara əllərindəki (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - barədə verilən) elmi açıqlayıb yaymağı əmr etdiyi halda, onlar bu əmrə qarşı çıxıb, haqqı təkzib etmişlər. Allahın göndərdiyi elçilərin sonuncusu olan bu Peyğəmbər ﷺ onları Allaha tərəf çağıraraq yaxşılığı əmr edib, pisliklərdən çəkindirir. Onlar isə bunun müqabilində onu yalançı sayır, ona qarşı çıxır, onun peyğəmbərliyini inkar edir və onun vəsflərini gizlədirlər. Bununla da Allahın peyğəmbərlərinə endirmiş olduğu ayələri məsxərəyə qoyurlar. Onların əzaba və törətdikləri əməllərə uyğun cəzaya layiq olmalarının səbəbi də budur. Bu səbəbdən Uca Allah buyurur: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər”.
əl-Bəqərə, 177
لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ أُولَئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَئِكَ هُمُ الْمُتَّقُونَ
177. Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyil. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb, zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və bəla üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.

 
Bu ayə əhəmiyyətli cümlələri, dərin qaydaları və doğru əqidənin əsaslarını ehtiva etmişdir. Necə ki İbn Əbu Hatim Mucahid vasitəsilə Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə o Peyğəmbərdən ﷺ: “İman nədir?”- deyə soruşdu. Peyğəmbər ﷺ ona bu ayəni “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl...” (“əl-Bəqərə”, 177) sonuna qədər oxudu. Sonra Əbu Zərr yenə “İman nədir?”- deyə soruşdu. Peyğəmbər ﷺ yenə bu ayəni oxudu. Əbu Zərr üçüncü dəfə soruşduqda Peyğəmbər ﷺ dedi: “(İman odur ki,) yaxşı bir əməl gördükdə qəlbin onunla sevinər, pis bir əməl gördükdə isə qəlbin bu əmələ nifrət edər”. Bu hədisin sənədindəki ravilər arasında əlaqə kəsintisi var. Çünki Mucahid Əbu Zərin (Allah ondan razı olsun) yaşadığı dövrdə yaşamamışdır. Əbu Zərr (Allah ondan razı olsun) ondan daha əvvəl ölmüşdür. (Hədisi əl-Hakim “əl-Mustədrək” əsərində rəvayət etmişdir (2/272) və demişdir: “əl-Buxari və Muslimin şərtinə uyğundur”. əz-Zəhəbi onun bu sözünə etiraz edərək hədisin sənədinin bitişik olmadığını bildirmişdir. Həmçinin əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (1/169) rəvayət etmiş və bunu yalnız İbn Əbu Hatimə nisbət edərək demişdir: “Səhih olduğunu bildirmişdir”. Ola bilsin, burada “əl-Hakim” sözü düşmüşdür (Əhməd Şakir). əl-Hakim, 3077).
Ayənin təfsirinə gəlincə bu belədir: Uca Allah möminlərə əvvəlcə Beytul-Məqdisə, sonra da Kəbəyə üz tutmağı əmr etdi. Bu isə Kitab əhlinə və bəzi möminlərə çox ağır gəldi. Elə buna görə də Uca Allah bunun hikmətini bəyan edən ayə nazil etdi və bu ayədə bildirdi ki, ibadətdə məqsəd qüdrət və qüvvət sahibi olan Allaha itaət etmək, buyurduqlarını yerinə yetirmək, döndərdiyi istiqamətə üz tutmaq və Onun qoyduğu şəriətə tabe olmaqdır. Əsl yaxşılıq, təqva və kamil iman da budur. Odur ki günçıxana və ya günbatana tərəf üz tutmaq, əgər Allahın əmrinə və qayda-qanununa uyğun deyilsə, əsla yaxşılıq və itaət hesab oluna bilməz. Bu səbəbdən Uca Allah buyurdu: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır” (“əl-Bəqərə”, 177). Necə ki başqa bir ayədə Həcc ibadətində və evdə kəsilən qurbanlıq heyvanlar barədə buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar” (“əl-Həcc”, 37).
əs-Sovri Uca Allahın: “Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb, zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir” ayəsi barəsində demişdir: “Bu ayədə yaxşı əməllərin bütün növləri qeyd olunmuşdur”. əs-Sovri doğru söyləmişdir. Çünki bu ayədəki xüsusiyyətlərə sahib olan kəs İslamın bütün iplərindən yapışmış olur və bütün xeyri özündə cəm etmiş olur. Hər xeyrin başında Allaha iman dayanır. Allaha iman isə “Lə İləhə İlləllah” kəlməsini (Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını) qəbul etmək və Allahla peyğəmbərləri arasında elçi olan mələklərin varlığını təsdiq etməkdir. Ayədəki “kitablar” sözü ümumi isimdir və bütün peyğəmbərlərə endirilmiş kitabları şamil edir. Bu kitablara, səmavi kitabların ən şərəflisi, əvvəlki kitabları özündə əks etdirən Quranla xitam verilmişdir. Quran özündə bütün xeyri cəm etmişdir. Dünya və Axirətdə səadətə qovuşmaq üçün lazım olan hər şeyi özündə ehtiva etmişdir. Quran özündən əvvəlki səmavi kitabların hamısının hökmünü qaldırmışdır. Quran ilk peyğəmbərdən tutmuş peyğəmbərlərin sonuncusu olan Muhəmmədə ﷺ qədər bütün peyğəmbərlərə iman gətirməyi buyurur. Allahın salavatı və salamı son peyğəmbərin və bütün peyğəmbərlərin üzərinə olsun!
Uca Allah buyurur: “Sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən”, yəni malını sevir və sevdiyi malı Allah yolunda xərcləməyə rəğbət göstərir. Bu ayəni İbn Məsud, Səid ibn Cubeyr və digərləri belə təfsir etmişlər. Necə ki əl-Buxari və Muslimdə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Savabı ən böyük olan sədəqə, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varlanacağına ümid bəslədiyin halda verdiyin sədəqədir”. (Muslim, 1713, 2429-2430). əl-Hakim “əl-Mustədrək” adlı əsərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ “Sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən” ayəsi barədə demişdir: ”Bu sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varlanacağına ümid bəslədiyin halda verdiyin sədəqədir”. (əl-Hakim, 3078; Səid ibn Mənsur “Sunən” 245; ət-Tabərani “Mucəmul-Kəbir” 8424; əl-Beyhəqi “Şuabul-İman” 3197. Hədisdə olan sözlər Abdullah ibn Məsuda (Allah ondan razı olsun) məxsusdur). Sonra əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtinə görə səhihdir, lakin onlar bu hədisi rəvayət etməmişlər”.
Mən deyirəm: “Bu hədisi Vaki əl-Əməşdən və Sufyandan, o da Zubeyddən, o da Murradan, o da İbn Məsuddan (Allah ondan razı olsun) onun sözü olaraq rəvayət etmişdir ki, doğru olan da budur. Ən yaxşısını Allah bilir”. (İbn Kəsirin öz rəyidir. Hədisin sənədi əl-Hakimin kitabında (2/272) əl-Buxari və Muslimin şərtinə uyğundur. əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). Bu ayəyə oxşar başqa bir ayədə Uca Allah buyurur: “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!” (“əl-İnsan”, 8-9). Başqa bir ayədə isə belə buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız” (“Ali-İmran”, 92). Başqa bir ayədə isə belə buyurur: “Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar” (“əl-Həşr”, 9). Bu ayədə malı Allah yolunda xərcləyənlərin daha üstün bir növü – özləri möhtac olduqları halda, başqalarını özlərindən üstün tutanlar qeyd olunmuşdur. Əvvəlkilər isə ən çox sevdikləri şeyləri başqalarına verib yedizdirənlərdir.
Ayədə “qohum-əqrəbaya” dedikdə insanın qohumları nəzərdə tutulur. Qohumlara sədəqə vermək digərlərindən daha önəmlidir. Necə ki hədisdə gəlmişdir: “Kasıba sədəqə verən bir savab – yalnız sədəqənin savabını qazanır. Qohuma sədəqə verən isə iki savab – biri sədəqəyə görə, bir də qohumluq əlaqəsini yaxşılaşdırdığına görə savab qazanır”. (Bu hədisi İmam Əhməd (16296, 16302, 16303), ət-Tirmizi (2/22), ən-Nəsəi (1/361) və İbn Məcə (1844). Salman ibn Amirdən (Allah ondan razı olsun) rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən” olduğunu bildirmişdir (Əhməd Şakir). Əhməd, 16234, 17871; ət-Tirmizi, 658. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 883). İnsanlardan sənin yaxşılığına və səxavətinə ən layiq olanlar qohumlarındır. Uca Allah Əziz Kitabının bir çox yerlərində qohumlara yaxşılıq etməyi əmr etmişdir.
“Yetimlərə” dedikdə – atalarının ölməsi səbəbindən qazananları olmayan, özləri isə hələ zəif, həddi-büluğa çatmamış və qazanmaq iqtidarında olmayan azyaşlı uşaqlar nəzərdə tutulur.
“Kasıblara” gəlincə, bunlar yemək, geyinmək və məskunlaşmaq üçün kifayət qədər mal tapa bilməyən insanlardır. Bu insanlara ehtiyaclarını ödəyəcək və çətinliklərini aradan qaldıracaq qədər mal verilir. əl-Buxari və Muslim eyniadlı “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “İnsanlar arasında gəzib-dolaşıb bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil. Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı yoxdur, vəziyyətinin ağır olduğunu heç kəsə bildirmir və buna görə də ona sədəqə verilmir, özü də insanlardan heç bir şey istəmir”. (əl-Buxari, 1385, 1479; ən-Nəsəi “Sunən” 2525, 2572).
“Müsafirlər” isə yeməyi (azuqəsi) tükənib, yolda qalan yolçulardır. Bu insanlara ölkələrinə çatmağa kifayət edəcək qədər mal verilir. Həmçinin Allaha itaət məqsədi daşıyan bir səfərə (Həcc, Ümrə və s). çıxmaq istəyən, lakin bunun üçün kifayət qədər malı olmayan adama da gedib-gəlməsinə yetəcək qədər mal verilir. Qonağı qarşılayıb yola salmaq da buna aiddir. Necə ki Əli ibn Əbu Talha İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Müsafirlər müsəlmanların evinə gəlmiş qonaqlardır”. Mucahid, Səid ibn Cubeyr və başqaları da belə demişlər.
“Dilənənlərə” gəlincə, bunlar (ehtiyacdan dolayı) özlərini insanlardan mal istəməyə həsr edən şəxslərdir. Bu insanlara zəkat və sədəqədən verilir. Necə ki İmam Əhməd Fatimə bint Huseyndən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Dilənçi at belində gəlsə belə, onun (sədəqədən) haqqı var”. (Əbu Davud, 1667. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1378) Bu hədisi Əbu Davud rəvayət etmişdir. (əl-Musnəd (1730), Əbu Davud (1665-1666). İbn Kəsir bu hədisi bir daha “əz-Zəriyət” surəsinin 19-cu ayəsinin təfsirində qeyd edəcək. (Əhməd Şakir). 
“Kölələrin azad edilməsinə” dedikdə özlərini köləlikdən azad etmək üçün sahibləri ilə müqavilə bağlayıb, bu müqavilədə tələb olunan məbləği ödəyə bilməyən şəxslərdir. Burada qeyd edilən növlərin bir çoxu barədə “ət-Tövbə” surəsinin zəkat ayəsində (60-cı ayədə) Allahın izni ilə danışılacaq..
“Namaz qılıb zəkat verən” kəslər namazı vaxtlı-vaxtında, hərəkətlərini – rükusunu, səcdəsini rahatlıqla, xuşu içərisində, şəriətin buyurduğu şəkildə tam olaraq yerinə yetirənlərdir.
“Zəkat verən” dedikdə, ola bilsin, burada nəfsi təmizləmək, onu hər növ yaramaz və pis əxlaqi keyfiyyətlərdən qurtarmaq nəzərdə tutulsun. (Çünki “zəkat” sözünün bir mənası “təmizləmək”, digər mənası isə “artmaq” deməkdir). Necə ki Uca Allah buyurur: “Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır” (“əş-Şəms”, 9-10). Musanın (ona salam olsun) Firona olan xitabında isə buyurur: “De: “Günahlardan xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?” (“ən-Nəziət”, 18–19). Bir ayədə isə belə buyurur: “Vay müşriklərin halına! O kəslərin ki zəkat vermir və Axirəti inkar edirlər” (“Fussilət”, 6-7).
Lakin, ola da bilsin, burada maldan verilən zəkat nəzərdə tutulsun. Necə ki Səid ibn Cubeyr, Muqatil və İbn Hayyan belə demişlər. Belə olan təqdirdə ayənin əvvəlində qeyd olunan insanlara verilən mal könüllü olaraq yaxşılıq və qohumluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşımış olur.
Uca Allah buyurur: “Əhd bağladıqda əhdlərini yerinə yetirən”. Bu ayə Uca Allahın “O kəslər ki Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar” (“ər-Rəd”, 20) sözü kimidir. Bu xüsusiyyətin əksi münafiqlikdir. Səhih hədisdə Peyğəmbərin ﷺ belə dediyi varid olmuşdur: “Münafiqin əlaməti üçdür: danışdığı zaman yalan danışar, vəd verdiyi zaman (vədinə) xilaf çıxar, ona əmanət verildiyi zaman xəyanət edər”. (əl-Buxari, 33). Başqa bir hədisdə isə belə buyurur: “Danışdığı zaman yalan danışar, əhd bağladığı zaman (əhdini) pozar, mübahisə etdiyi zaman haqsızlıq edər”. (Muslim, 58.. Uca Allah buyurur: “Sıxıntı və bəla üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir”. “Sıxıntı”, yəni kasıblıq, “bəla”, yəni xəstəlik üz verəndə, habelə “döyüşdə”, yəni döyüş meydanında düşmənlə qarşılaşdıqları zaman səbir edərlər. İbn Məsud, İbn Abbas və digərləri də belə demişlər.
Uca Allah buyurur: “Onlar imanlarında doğru olanlardır”,  yəni bu xüsusiyyətlərə malik olanlar imanlarında sadiq olan kəslərdir. Çünki onlar qəlblərində olan imanı, sözləri və əməlləri ilə həyata keçirmişlər (təsdiqləmişlər). İmanlarında doğru olduqları kimi, “Müttəqi olanlar da elə məhz onlardır”. Çünki onlar qadağalardan çəkinib Allaha itaət etmişlər.
əl-Bəqərə, 178-179
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَى بِالْأُنْثَى فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ * وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ
178. Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.
179. Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə, Allahdan qorxasınız.

 
Uca Allah bu ayədə buyurur: “Ey möminlər! Öldürülənlərə görə qisas almaqda ədalətli davranmaq “sizə vacib edildi”. Azad olanın qarşılığında azad olandan, kölənin qarşılığında kölədən, qadının qarşılığında qadından qisas alın! Sizdən əvvəlkilərin qisasda həddi aşıb, Allahın hökmünü dəyişdirdikləri kimi, siz də həddi aşmayın! Bu ayənin nazil olmasına səbəb Qureyza və Nadir qəbilələri olmuşdur. Bənu Nadir qəbiləsi cahiliyyə dövründə Bənu Qureyza qəbiləsi ilə döyüşmüş və onları məğlub etmişdi. Bənu Nadir qəbiləsindən olan bir kəs Bənu Qureyza qəbiləsindən kimisə öldürərdisə, bunun qarşılığında o öldürülməzdi. Sadəcə, yüz vəsq (Bir vəsq 60 saaya, bir saa isə 2,40 kq buğdaya bərabərdir. (“Şərh Zadul-Müstəğna” 6/104). Demək, 1 vəsq 144 kq buğdaya bərabərdir). xurma fidyə verərdilər. Bənu Qureyzə qəbiləsindən olan bir nəfər Bənu Nadir qəbiləsindən bir nəfəri öldürərdisə, buna qarşılıq o da öldürülərdi. Əgər fidyə vermiş olsaydılar, bu təqdirdə iki yüz vəsq xurma fidyə verərdilər. Yəni Bənu Qureyza qəbiləsinin verdiyinin iki misli qədər verərdilər. Bu səbəbdən Uca Allah qisasda ədalətli olmağı, küfr və azğınlıq səbəbi ilə Allahın hökmünə qarşı çıxan, onu təhrif edən fəsadçıların yoluna uymamağı əmr edərək: “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın!”- buyurur.
Uca Allah buyurur: “Əgər qatil, qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əfv edilmək dedikdə qəsdən törədilən qətldə (öldürülən kəsin yaxınlarının) qanbahasını qəbul etmələri nəzərdə tutulur”. Mucahid, Səid ibn Cubeyr, Qatədə və digərlərindən də belə rəvayət edilmişdir. “Qanbahası ona müvafiq qaydada ödənilməlidir”, yəni qanbahası qatil tərəfindən qatilə zərər vermədən və ödəməni uzatmadan öldürülən şəxsin vəlisinə ödənilməlidir.
əl-Hakim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Tələb olunan məbləğ gözəl şəkildə ödənilməlidir”. (əl-Mustədrək (2/273). əl-Hakim demişdir: “əl-Buxari və Muslimin şərtinə uyğundur, lakin bu rəvayəti etməmişlər”. (Əhməd Şakir). Səid ibn Cubeyr, Əbuş-Şasa, Qatədə və başqaları da belə demişlər. 
Uca Allah buyurur: “Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir”. Uca Allah buyurur ki, qəsdən törədilən qətlə görə qanbahasının alınması Rəbbiniz tərəfindən sizin üçün bir yüngülləşdirmə və rəhmətdir. Halbuki sizdən əvvəlki ümmətlərə bu növ qətlə görə ya cana-can (qisas), ya da əfv etmək əmr edilmişdi. Necə ki Səid ibn Mənsur İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “İsrail oğullarına öldürülənə görə qatili öldürmək əmr olunmuşdu. Əfv etmək (qanbahası qəbul etmək) icazəli deyildi. Uca Allah bu ümmətə “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil, qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir” buyurmuşdur. Əfv etmək dedikdə  qəsdən törədilən qətldə qanbahası qəbul etmək nəzərdə tutulur. “Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir”, yəni bu sizdən əvvəlki ümmətlərə vacib edilənlə müqayisədə sizin üçün bir yüngülləşdirmədir. Elə isə “onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir”. (əl-Buxari, 4138, 4498). Bu hədisi İbn Hibban “Səhih” əsərində rəvayət etmişdir. (Səhih İbn Hibban (7/490, əl-İhsan əlyazması). Hədisi həmçinin əl-Buxari (12/183, “Fəthul-Bari”) və ət-Tabəri (2593) rəvayət etmişlər. (Əhməd Şakir).
Uca Allah buyurur: “Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır”. Uca Allah bununla bildirir ki, kim qanbahasını aldıqdan və ya qəbul etdikdən sonra qatili öldürərsə, onun üçün Allah qatında çox ağrılı-acılı bir əzab var. İbn Abbas, Mucahid, Qatədə və digərlərindən də bu təfsir rəvayət edilərək bildirilir ki, ayədə qanbahası aldıqdan sonra qatili öldürən kimsə nəzərdə tutulur. Əhməd Əbu Şureyh əl-Xuzaidən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Yaxını öldürülən və ya əzası kəsilməklə şikəst edilən şəxs üç şeydən birini seçməkdə ixtiyar sahibidir. Ya qisas alar, ya bağışlayar, ya da qanbahası götürər. Əgər bu üç şeylə razılaşmayıb dördüncü bir şeyə əl atmaq istəsə, onun əlindən tutub qarşısını alın. Bundan sonra həddi aşanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu var”. (əl-Musnəd (16446), hədisin isnadı səhihdir. əl-Buxari “ət-Tərixul-Kəbir” əsərində (2/1/204-205) Əbu Şureyh əl-Xuzainin (Allah ondan razı olsun) tərcümeyi-halında gətirmişdir. Adı Xuveylid ibn Amrdır. Hədisi həmçinin əs-Suyuti (1/173) rəvayət etmiş və əlavə olaraq Abdur-Razzəqə, İbn Əbu Şeybəyə, İbn Əbu Hatimə və əl-Beyhəqiyə nisbət etmişdir. Həmçinin İbn Məcə (2623) rəvayət etmişdir (Əhməd Şakir). Əhməd, 16422, 16489; Əbu Davud, 4498. Hədis zəifdir. Bax: Daif əl-Cami, 5433). Səmuradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə isə Peyğəmbər ﷺ demişdir: “Qanbahası aldıqdan sonra qatili öldürən şəxsi əfv etmərəm”. (Müəllif bu hədisi Səid ibn Əbu Arubadan, o da Qatədədən, o da əl-Həsəndən, o da Səmuradan rəvayət etmişdir. Lakin hədisin mənbəsini bildirməmişdir. Çox axtardıqdan sonra hədisi tapa bilmədim. Hədisi əs-Suyuti qeyd etmişdir (1/173) və Siməveyhin “əl-Fəvaid” kitabına nisbət etmişdir. Hədisi ət-Tabəri (2603) Qatədədən mursəl olaraq rəvayət etmişdir (Əhməd Şakir). Əbu Davud, 4507. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6173). Yəni artıq ondan qanbahası almaram, əksinə, onu öldürərəm.
Uca Allah buyurur: “Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır”, yəni qatilin öldürülməsindən ibarət olan qisas hökmündə sizin üçün çox böyük bir hikmət var. Bu da günahsız qanların axıdılmaması və canların qorunmasıdır. Çünki əgər qətl törətmək istəyən şəxs (cəza olaraq) özünün də öldürüləcəyini bilsə, cinayət işləməz. Bu da insanların yaşamasına səbəb olar.
Keçmiş kitablarda belə yazıldığı bildirilir: “(Qatili) öldürmək (insanların bir-birlərini) öldürmələrinin qarşısını ala bilmək üçün ən yaxşı vasitədir”. Bu ifadə Quranda daha fəsahətli, daha bəlağətli və daha qısa şəkildə “Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır” kimi gəlmişdir. Əbul-Aliyə demişdir: “Həyatda əmin-amanlıq olsun deyə, Allah insanlara qisas almağı vacib buyurmuşdur. Nə çox azğınlaşmış adam var ki, bir kimsəni öldürmək istəyəndə ondan qisas alınacağını xatırlayır və bu yaramaz işdən əl çəkir”. Mucahid, Səid ibn Cubeyr və başqalarından da belə nəql edilmişdir.
“Ey ağıl sahibləri! Bəlkə, Allahdan qorxasınız”. Uca Allah buyurur ki, ey ağıl və dərrakə sahibləri! Ümid olunur ki, artıq çəkinər və Allahın haram və qadağalarını tərk edərsiniz. Allah qorxusu (Təqva) – Allaha yaxınlaşdıran əməlləri yerinə yetirib, günahlardan çəkinməyi özündə cəm edən bir sözdür.
əl-Bəqərə, 180-182
كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ * فَمَنْ بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ * فَمَنْ خَافَ مِنْ مُوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
180. Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub-gedəcəyi xeyirdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur.
181. Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!
182. Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

 
Bu ayə valideyn və qohumlara vəsiyyət etməyi əmr edir. Alimlərin iki rəyindən ən doğru olanı budur ki, miras ayəsi (“ən-Nisa”, 7) nazil olmamışdan əvvəl bu vəsiyyət vacib idi. Miras ayəsi nazil olduqdan sonra bu ayənin hökmü ləğv edildi və miraslar Allah tərəfindən müəyyən olunaraq vacib edildi. Bununla da mirasa haqqı çatan varislər vəsiyyət olunmadan və vəsiyyət edənin minnətini götürmədən birbaşa mirasa sahib oldular. Hədis kitablarında varid olan hədisdə Amr ibn Xaricə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ xütbədə belə dediyini eşitdim: “Həqiqətən, Uca Allah hər haqq sahibinin haqqını vermişdir. Buna görə də varisə vəsiyyət yoxdur”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində uzun mətnlə müxtəlif isnadlarla rəvayət etmişdir (17740, 17742, 17744, 17747, 17750). Həmçinin ət-Tayəlisi (2117), ət-Tirmizi (3/190), ən-Nəsəi (2/128), İbn Məcə (2712), İbn Sad “ət-Tabəqat” əsərində (2/1/131-132, əd-Dərimi (2/419) Amr ibn Xaricədən (Allah ondan razı olsun) rəvayət etmişlər. Bəziləri hədisi uzun, bəziləri isə müxtəsər mətnlə rəvayət etmişlər. ət-Tirmizi hədisə “həsən sahih” demişdir. Həmçinin bu mətnlə Əbu Uməmə əl-Bəhilidən (Allah ondan razı olsun) də hədis gəlmişdir. Bu hədisi Əhməd “əl-Musnəd” əsərində (5/267, Hələb nəşri), ət-Tayəlisi (1128), Əbu Davud (2870), ət-Tirmizi (3/189), İbn Məcə (2713) və İbnul-Carud (səh. 424) rəvayət etmişlər. ət-Tirmizi hədisə “həsən” demişdir. Bu mətnlə Ənəsdən də bir hədis gəlmişdir. Hədisi İbn Məcə (2714) rəvayət etmişdir, isnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 2872, 3567; ən-Nəsəi “Sunən” 3641. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1720). İmam Əhməd nəql edir ki, Muhəmməd ibn Sirin belə demişdir: “Abdullah ibn Abbas oturub “əl-Bəqərə” surəsini oxudu. Bu ayəyə çatdıqda “Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi xeyirdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir” (“əl-Bəqərə”, 180), – dedi: “Bu ayənin hökmü ləğv edilmişdir”. (əl-Hakim, 3110; əl-Beyhəqi “Sunənul-Kubra” 15240, 15861). Hədisi əl-Hakim rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir”. (İlk baxışdan belə başa düşülür ki, hədisi Əhməd “əl-Musnəd” əsərində rəvayət etmişdir. Lakin hədisi orada tapa bilmədim. Ola bilsin, hədis İmam Əhmədin başqa kitabında olsun. Hədisin isnadı səhihdir. Hədis “əl-Mustədrək kitabındadır (2/273). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. Həmçinin ət-Tabəri bu şəkildə (2652) rəvayət etmişdir. (Əhməd Şakir).
İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi xeyirdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir” (“əl-Bəqərə”, 180) ayəsi barədə demişdir: “Bu ayənin hökmünü Uca Allahın “Valideynlərin və yaxın qohumların qoyub-getdikləri maldan kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub-getdikləri maldan qadınlara da pay düşür. Bu mal istər az olsun, istərsə də çox, onlar üçün müəyyən edilmiş bir paydır” (“ən-Nisa”, 7) – ayəsi ləğv etmişdir”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. əl-Buxari (5/278-279) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “İslamın əvvəllərində miras övladlara qalırdı. Valideynlərə isə vəsiyyət olunan çatırdı. Uca Allah bundan istədiyini nəsx etdi və kişiyə iki qadının payı qədər pay ayırdı. Ata-ananın hər birinə mirasın altıda bir hissəsini ayırdı. (Əri ölən) qadına (kişinin övladının olub-olmamasından asılı olaraq) mirasın səkkizdə birini və ya dörddə birini pay ayırdı. (Arvadı ölən) ərə isə (qadının övladının olub-olmamasından asılı olaraq) qadının mirasının yarısını və ya dörddə birini ayırdı”. Bu hədisi həmçinin əd-Dərimi (2/419-420) əl-Buxarinin rəvayət etdiyi isnadla rəvayət etmişdir. Hər ikisi eyni şeyxdən rəvayət etmişlər. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” kitabında demişdir: “Hədisin zahiri “mövquf” (İbn Abbasın sözü) olsa da, Quran nazil olmamışdan əvvəlki hökm barədə xəbər verdiyinə görə “mərfu” (Peyğəmbərdən - ona Allahın salavatı və salamı olsun - rəvayət olunmuş hədisin) hökmündədir”.
Mən deyirəm: ”Əksinə, hədisin mətni mərfudur, çünki hədis vəsiyyət ayəsinin hökmü barədə xəbər verir. Sonra bu ayənin miras ayəsi ilə nəsx olunduğunu bildirir. Beləliklə, hədis Peyğəmbərin ﷺ sağlığı dövründə iki hökm barədə xəbər verir. Bu hökmlərdən biri nəsx etmiş, digəri isə mənsux olmuşdur”.
Əbu Davud (2869) İbn Abbasdan rəvayət etmişdir ki, əvvəllər vəsiyyət belə idi: “Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi var-dövlətdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir”. Sonradan miras ayəsi onu nəsx etdi”. Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Hədis səhihdir).
Sonra İbn Əbu Hatim demişdir: “Abdullah ibn Ömər, Əbu Musa, Səid ibn əl-Museyyib, əl-Həsən, Mucahid, Əta, Səid ibn Cubeyr, Muhəmməd ibn Sirin, İkrimə, Zeyd ibn Əsləm, Rabi ibn Ənəs, Qatədə, əs-Suddi, Muqatil ibn Hayyan, Tavus, İbrahim ən-Nəxai, Şureyh, əd-Dahhək və əz-Zuhridən bu ayənin miras ayəsi ilə (“ən-Nisa” surəsi, 7-ci ayə ilə) nəsx olunduğu nəql olunur”.
Qəribədir ki əl-Razi özünün “ət-Təfsir əl-Kəbir” adlı əsərində Əbu Muslim əl-Əsfəhanidən bu ayənin mənsux olmadığını (hökmünün ləğv olunmadığını) nəql etmişdir. Ona görə bu ayənin mənası miras ayələri ilə açıqlanmışdır və mənası belədir: “Uca Allah sizə valideyn və qohumlar barədə – “Allah övladlarınız haqqında sizə belə tövsiyə edir...” (“ən-Nisa”, 11) – ayəsində tövsiyə etdiyini vacib etmişdir”. Sonra ər-Razi demişdir: “Bu təfsir alimlərinin və fiqh elmində mötəbər sayılan alimlərin əksəriyyətinin fikridir. Bəziləri isə bu ayənin (vəsiyyət ayəsinin) varis olanlar (mirasa haqqı çatanlar) üçün mənsux (hökmü ləğv edilmiş), varis olmayanlar (mirasa haqqı çatmayanlar) üçün isə sabit olduğunu (hökmü itmədiyini) söyləmişlər. Bu rəy İbn Abbas, əl-Həsən, Məsruq, Tavus, əd-Dahhək, Muslim ibn Yəsər və əl-Alə ibn Ziyadın məzhəbidir.
Mən deyirəm: “Bu rəyi deyənlər arasında həmçinin Səid ibn Cubeyr, Rabi ibn Ənəs, Qatədə və Muqatil ibn Hayyan da var. Lakin bu alimlərin dediklərini, bizim son istilahımıza görə, nəsx adlandırmaq olmaz, çünki miras ayəsi (“ən-Nisa”, 11) vəsiyyət ayəsinin ümumi olaraq dəlalət etdiyi fərdlərdən bir qisminin hökmünü ləğv etmişdir. “Yaxın qohumlar” sözü həm varis olanları, həm də olmayanları ehtiva edir. Varis olanların hökmü (miras ayəsində) Allah tərəfindən müəyyən edildiyi üçün buradakı hökmü qaldırılmışdır. Yerdə qalanlar isə ilk gələn ayənin dəlalət etdiyi mənaya (vəsiyyətə) aiddir. Bu rəy bəzilərinin “vəsiyyət İslamın əvvəlində müstəhəb idi, sonra nəsx edildi” rəyinə uyğun gəlir. Vəsiyyətin (İslamın əvvəlində) vacib olmasını deyənlərin fikirinə gəlincə, bu, ayənin məzmunundan aydın görünür və bu ayənin sonradan miras ayəsi ilə nəsx olunması aydın olur. Necə ki təfsir alimlərinin əksəriyyəti və mötəbər fiqh alimləri belə demişlər. Şübhəsiz ki, valideynlərə və mirasa haqqı çatan qohumlara vəsiyyət etməyin vacib olması İslam alimlərinin icması (yekdil rəyi) ilə ləğv edilmişdir. Hətta əvvəl keçən hədisə əsasən qadağan edilmişdir. Çünki hədisdə deyilir: “Allah hər haqq sahibinə haqqını vermişdir. Buna görə də varisə vəsiyyət yoxdur”. (“Varisə vəsiyyət yoxdur” hədisi əvvəl qeyd etdiyimiz sənədləri ilə səhihdir. Bu hədisin bəzi isnadlarına bir qisim alimlər tən etsələr də, hədisin səhih olmasına şəkk yoxdur. Bu sənədlər bir-birini gücləndirir. Hədis elmindən azacıq məlumatlı olan şəxs bu hədisin səhih olmasına şəkk etməz.
Bu hədis digər alimlərə görə, səhih olsa da, İmam əş-Şafiiyə səhih, bitişik sənədlə gəlib çatmamışdır. Lakin o bu hədisin tək-tək adamların rəvayət etdikləri sənədlərdən daha güclü olan bir yolla sabit olduğunu bildirmişdir. əş-Şafii özünün “ər-Risələ” (398-401) kitabında (Bizim təhqiq etdiyimiz nüsxədə) demişdir: “Biz fətva əhli olan alimlərdən, Qureyş və digər qəbilələrdən “Peyğəmbərin ﷺ dövründə hərbi yürüşlər” barədə elmi olan insanlardan eşitmişik ki, onlar Peyğəmbərin ﷺ Məkkənin fəthi ilində “Varisə vəsiyyət yoxdur” və “Mömin kafirə görə öldürülməz” dediyini eşitmişik. Bu barədə alimlər arasında fikir ayrılığı yoxdur. Alimlər bu hədisləri “Hərbi yürüşlər” barədə elmi olan şəxslərdən əzbərlədiklərini danışmışlar. Bu isə bir toplumun digər bir toplumdan nəqli kimidir. Bu cür nəql isə hardasa bir nəfərin bir nəfərdən nəqlindən daha güclüdür. Həmçinin alimlərin də bu məsələdə yekdil olduğunu görürük. Şam əhlindən olan bəzi insanlar hədis alimlərinin qəbul etmədiyi bir hədisi rəvayət etmişlər. Bu hədisin sənədində məchul olan şəxslər var. Bu hədisi bitişik olmayan bir sənədlə Peyğəmbərdən ﷺ rəvayət etdik. Lakin bu hədisi “Hərbi yürüşlər” barədə elmi olan alimlər nəql etdiyinə və digər alimlərin də onu qəbul etməsinə görə biz də qəbul etdik. Bu hədisin sənədi barədə danışmağımıza baxmayaraq, “Hərbi yürüşlər” barədə elmi olan alimlərin rəvayətinə və insanların bu hədisi yekdilliklə qəbuluna görə bu hədisə əsaslandıq”.
Gördüyümüz kimi, əş-Şafii bu hədisin çoxsaylı yollarla sabit olmasını və alimlər tərəfindən yekdil qəbul olunmasını qəti şəkildə bildirmişdir. Həqiqətdə məsələ əş-Şafiinin dediyi kimidir. Allah ona rəhmət eləsin!) Miras ayəsi müstəqil bir hökmdür və Allah tərəfindən mirasa haqqı çatanlara verilməsi vacib edilmişdir. Miras ayəsi ilə haqq sahibləri üçün bu ayənin hökmü tamamilə qaldırılmışdır. Yerdə isə mirasdan payı olmayan qohumlar qalır. Onlara isə vəsiyyət ayəsinin dəlalət etdiyi ümumi mənaya əsasən malın üçdə birini vəsiyyət etməsi müstəhəbdir. Necə ki əl-Buxari və Muslim eyniadlı “Səhih” əsərlərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Vəsiyyət etməyə bir şeyi olan hər hansı bir müsəlmanın (başının altında) yazılı vəsiyyəti olmayınca (ardıcıl) iki gecə keçirməyə haqqı yoxdur”. Abdullah ibn Ömər demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdikdən sonra bir gecə belə vəsiyyətsiz yatmadım”. (Əbu Avanə “Mustəxrac” 4638, “Musnəd” 5741; əl-Buxari, 2533, 2738; Muslim, 3074, 4291). Qohumlarla yaxşı davranmağı və onlara yaxşılıq etməyi əmr edən ayə və hədislər olduqca çoxdur. Necə ki Abd ibn Humeyd “Musnəd” əsərində Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Uca Allah buyurur: “Ey Adəm oğlu! İki şey var ki, onlardan heç biri  sənə aid deyil (Bunlar Mənim lütfüm və rəhmətim sayəsində baş verir). Bunlardan biri canını aldığım zaman səni günahlardan təmizləyib, savabını artırmaq üçün malından (üçdə birini) vəsiyyət etməyinə görə sənə ayırdığım bir paydır. Digəri isə əcəlin bitdikdən sonra qullarımın sənə dua etməsidir”. (Abd ibn Humeyd “Muntəxab” 771; İbn Məcə, 2710. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4042).
Uca Allah buyurur: “qoyub-gedəcəyi xeyirdən...”, yəni qoyub-gedəcəyi var-dövlətdən. İbn Abbas, Mucahid, Qatədə və digərləri bunu söyləmişlər. Alimlərdən bir qismi, istər az olsun, istərsə də çox olsun, varislik kimi vəsiyyətin də vacib olduğunu demişlər. Bir qismi isə çox mal qoyub-getdiyi təqdirdə vəsiyyət edə biləcəyini demiş, sonra malın çoxluğu barədə fikir ayrılığına düşmüşlər. (əl-Hafiz İbn Kəsir burada Əlidən (Allah ondan razı olsun) gələn rəvayətləri qeyd etmişdir ki, o, üç yüz və ya dörd yüz dinarı vəsiyyət etmək üçün münasib görmürdü. Həmçinin İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Altmış dinar qoymayan ayədə nəzərdə tutulan xeyri qoyub gedən sayılmaz”. Tavus isə bu məbləğin səksən dinar olduğunu demişdir. Qatədə isə demişdir: “İki min və daha artıq”. Ayədə “xeyir” sözünün ümumi gəldiyi üçün, həmçinin  Quran və Sünnədə (hədislərdə) vəsiyyət olunması vacib olan məbləğin təyin olunmadığı üçün deyə bilərik ki, vəsiyyət olunan məbləğ insandan insana fərqlidir. İnsanın yaşayış səviyyəsindən, ehtiyaclarından və varislərinin sayından asılı olaraq dəyişir. Həmçinin bir dövrdə bir toplum arasında az sayılan məbləğ başqa bir dövrdə başqa bir toplum arasında çox sayıla bilər. (Əhməd Şakir).
Uca Allah buyurur: “ ...müvafiq qaydada”, yəni mülayimliklə və gözəl şəkildə. Necə ki İbn Əbu Hatim rəvayət edir ki, əl-Həsən bu ayə barədə belə demişdir: “Bəli, vəsiyyət vacibdir. Əcəli yaxınlaşmış hər müsəlmana pis şəkildə deyil, gözəl şəkildə vəsiyyət etməsi lazımdır”. Burada “gözəl şəkildə” dedikdə ölənin varislərə zərər vermədən, israf və xəsislik etmədən qohumlarına vəsiyyət etməsi nəzərdə tutulur. əl-Buxari və Muslimin eyniadlı “Səhih” əsərlərində sabit olan hədisdə Sad (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ demişdir: “Ey Allahın Elçisi! Mən var-dövlət sahibiyəm, qızımdan başqa da bir varisim yoxdur. Malımın üçdə ikisini sədəqə verə bilərəmmi?” O: “Xeyr!”– deyə buyurdu. Dedim: “Yarısını (verə bilərəmmi)?” O: “Xeyr!”– deyə cavab verdi, sonra da belə buyurdu: “Üçdə birini, əslində, üçdə biri də çoxdur. Şübhəsiz ki, sənin üçün varislərini zəngin qoyub getməyin onları kasıb və dilənçi vəziyyətdə qoyub getməyindən daha xeyirlidir”. (əl-Buxari, 6236, 6733; Muslim, 3079, 4302). əl-Buxari “Səhih” əsərində İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini nəql etmişdir: “Kaş ki insanlar vəsiyyət edərkən üçdə birdən dörddə birə keçəydilər. Çünki Peyğəmbər ﷺ demişdir: “Üçdə birini, əslində, üçdə biri də çoxdur”. (Muslim, 3080, 4305). İmam Əhməd rəvayət edir ki, Hənzalə ibn Hizeym ibn Hənifə demişdir: “Babam Hənifə himayəsində olan bir yetimə yüz dəvə vəsiyyət etdi. Bu vəsiyyət övladlarına ağır gəldi. Məsələni Peyğəmbərə ﷺ çatdırdılar. Hənifə dedi: “Mən himayəmdə olan yetimlərimdən birinə yüz dəvə vəsiyyət etdim. Biz bu dəvələri (gözəl olduğuna görə) cahiliyyə dövründə “əl-Mutayyəbə” adlandırardıq”. Peyğəmbər ﷺ dedi: “Xeyr, xeyr, xeyr! Sədəqə beş ədəd olur. Çox istəsən, on. Daha artıq istəsən, on beş, daha artıq istəsən, iyirmi, daha artıq istəsən, iyirmi beş, daha artıq istəsən, otuz, daha artıq istəsən, otuz beşdir. Bundan daha artıq istəsən, qırxdır”. (Əhməd, 20684, 20941. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2955). Əhməd bu hədisi uzun mətnlə zikr etmişdir. (Hədis “əl-Musnəd” kitbındadır (5/67-68, Hələb nəşri). əl-Buxari özünün “ət-Tarixul-Kəbir” kitabında (2/1/35) Hanzalə ibn Hizeymin tərcümeyi-halında adəti üzrə bu hədisə qısa olaraq işarə etmişdir. əl-Heysəmi hədisi “əl-Məcməuz-Zavaid” əsərində (4/210-211) tam olaraq qeyd etmişdir. Sonra demişdir: “Əhməd rəvayət edib, hədisin raviləri etibarlıdır”. əl-Hafiz İbn Həcər “əl-İsabə” əsərində (2/42-43) Əhmədin rəvayətini gətirmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!” Bu ayədə Uca Allah buyurur ki, kim vəsiyyəti dəyişər, mənasını təhrif edər, hökmünə əməl etməz, ora nəsə artırar və ya azaldarsa, “günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər”. İbn Abbas (Allah ondan razı olsun) və bir çox təfsir alimləri demişlər: “Ölənin mükafatını Allah verər, günahı isə bu vəsiyyəti dəyişdirənlərin üzərinə düşər”. “Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!”- yəni ölənin vəsiyyət etdiyini görür və bu vəsiyyətdə nə yazıldığını bilir. Həmçinin varislərin sonradan dəyişdirdiklərindən də xəbərdardır.
Sonra Uca Allah buyurur: “Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” İbn Abbas (Allah ondan razı olsun) və başqaları demişlər: “Burada الْجَنَف [əl-cənəf] “günah” dedikdə “səhv” nəzərdə tutulur. Bu ifadə hər növ səhvi ehtiva edir. Məsələn, miras qoyanın, hər hansı bir vasitə ilə və ya xahişlə varislərdən birinin payını artırması və ya qərəzli olaraq filan şeyi satmağı vəsiyyət etməsi kimi səhvlər nəzərdə tutulur. Yaxud qızının mirasını artırmaq üçün onu oğluna (nəvəsinə) vəsiyyət etməsi və sair buna bənzər davranışlar kimi. Bu davranışlar ya insanın təbiətindən və qohumlarına şəfqət hissindən dolayı qəsdli deyil, düşünülmədən edilən səhv olur, ya da qəsdli şəkildə edilən günah olur. Vəsiyyəti yerinə yetirən şəxs bu halda ölənin vəsiyyətini qəbul etməyərək, vəsiyyət edənin nəzərdə tutduğu ilə şəriətin buyurduğunu cəm edib orta bir mövqe tutmalıdır. Bu üsulla vəsiyyəti dəyişərək islah etmə və şəriətə uyğunlaşdırma ayədə nəzərdə tutulan dəyişdirmə hökmünə daxil deyil. Bu səbəbdən Uca Allah vəsiyyəti dəyişməyi qadağan edən ayənin ardından bu ayəni gətirir ki, bu yolla dəyişməyin heç də qadağan olunan dəyişməyə aid olmadığı bilinsin. Ən doğrusunu Allah bilir.
Abdur-Razzəq Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Bir kişi yetmiş il xeyir iş görən kəslərin əməlini edər. Vəsiyyət etdikdə isə zülmə yol verər və ömrünün sonunu pis əməllə bitirər. Nəticədə Cəhənnəmə girər. Bir kişi də yetmiş il şər iş görən kəslərin əməlini edər. Sonunda vəsiyyət edərkən ədalətli olar və ömrünün sonunu yaxşı əməllə bitirər. Nəticədə Cənnətə girər”. Sonra Əbu Hureyra dedi: “İstəsəz, Uca Allahın: “Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır” (“əl-Bəqərə”, 229) ayəsini oxuyun!” (Bu hədisi Abdur-Razzəqin təfsirində tapmadım. Ola bilsin, “əl-Musannəf” əsərindədir. Hədisi Əhməd “əl-Musnəd” əsərində (7728) Abdur-Razzəqdən, İbn Məcə isə (2704) Əhməd ibn əl-Əzhərdən, o da Abdur-Razzəqdən rəvayət etmişlər. Buna oxşar hədisi Əbu Davud (2867) və ət-Tirmizi (3/187-188) rəvayət etmişlər. İbn Kəsir bu hədisi Əhmədin rəvayəti ilə “ən-Nisa” surəsinin 13-14-cü ayələrinin təfsirində Allahın izni ilə gətirəcək (Əhməd Şakir). Hədis zəifdir. Bax: Daif əl-Cami, 1457; Mişkətul-Məsabih, 3075).
əl-Bəqərə, 183-184
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ * أَيَّامًا مَعْدُودَاتٍ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
183. Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz.
184. Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.

 
Uca Allah bu ümmətin möminlərinə xitab edərək onlara oruc tutmağı əmr edir. Oruc – sırf Allah üçün yeməkdən, içməkdən və cinsi əlaqədən imtina etməkdir, çünki oruc nəfsi pis davranışlardan və rəzil əxlaqi keyfiyyətlərdən təmizləyir. Uca Allah həmçinin bildirir ki, orucu bu ümmətə fərz etdiyi kimi, bu ümmətdən əvvəlkilərə də fərz etmişdir. Əvvəlki ümmətlər müsəlmanlar üçün bir nümunədir, elə isə müsəlmanlar bu fərz ibadəti əvvəlkilərdən daha kamil şəkildə yerinə yetirməyə çalışmalıdırlar. Necə ki Uca Allah buyurur: “Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın” (“əl-Maidə”, 48). Burada isə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz”. Çünki oruc ibadəti bədəni təmizləyir və şeytanın sıza biləcəyi yolları daraldır. Bu səbəbdən əl-Buxari və Muslimdə varid olan hədisdə Peyğəmbər ﷺ demişdir: “Qoy evlənməyə imkanı olan (hər kəs) evlənsin. Çünki evlilik gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (3592) İbn Məsuddan (Allah ondan razı olsun) uzun mətnlə rəvayət etmişdir. Altı hədis kitabının müəllifləri rəvayət etmişlər. Necə ki “əl-Muntəqa” əsərində bildirilir. Həmçinin İmam Əhməd bu mənada Osmandan (Allah ondan razı olsun) bir hədis rəvayət etmişdir (411), (Əhməd Şakir). əl-Buxari, 4678, 5065). Sonra Uca Allah insanlara ağır gəlməsin və bu səbəbdən zəifləməsinlər deyə oruc tutulan günlərin miqdarını açıqlayır və bildirir ki, oruc hər gün deyil, yalnız müəyyən günlərdə fərz olunmuşdur. İslamın əvvəlində müsəlmanlar hər aydan üç gün oruc tutardılar. Sonra bu orucun hökmü ləğv edilərək Ramazan ayının orucu ilə əvəz olunmuşdur. Bu barədə yeri gələndə danışacağıq. Muaz, İbn Məsud, İbn Abbas (Allah ondan razı olsun) və başqalarından rəvayət edilir ki, oruc İslamın əvvəlində, əvvəlki ümmətlərdə olduğu kimi, hər ay üç gün idi. İbn Əbu Hatim rəvayət edir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini söyləmişdir: “Ramazan orucunu Allah sizdən əvvəlki ümmətlərə də fərz etmişdir”. (İbn Əbu Hatim, 1625). Bu, uzun bir hədisdən ixtisar etdiyim bir hissədir. (Hədisi İbn Kəsir ixtisar etmişdir. Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir. Yalnız İbn Ömərdən (Allah ondan razı olsun) hədisi rəvayət edən tabiin Mədinə əhalisindən olan Əbur-Rabidən başqa. Tabiinlər arasında Əbur-Rabi əl-Mədəni kimi tanınan biri var. Bu tabiin Əbu Hureyradan (Allah ondan razı olsun) hədislər rəvayət edir. Onun hədislərindən biri “əl-Musnəd” əsərində var (7711). Həmçinin tabiinlər arasında İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət edən Əbur-Rabi də var. Bu tabiinin də “əl-Musnəd” əsərində İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədis var (6195). Lakin bu tabiinin Mədinəli olduğu qeyd olunmur. Mənə görə doğru olan budur ki, bu tabiinlərin hər ikisi eyni adamdır. Həmçinin əl-Buxarinin “əl-Kəbir” əsərində (2/1/232-233) əl-Həsənin Dağfəl ibn Hənzalədən, o da Peyğəmbərdən ﷺ rəvayət etdiyi başqa bir uzun hədis varid olmuşdur ki, “Xaçpərəstlərə Ramazan orucu vacib idi...”. Həmçinin İbn ən-Nəhhəs özünün “ən-Nəsix vəl-Mənsux” əsərində (səh. 20) rəvayət etmişdir. Hədisi əl-Heysəmi “əz-Zəvəid” əsərində qeyd etmişdir (3/139) və demişdir: “Gördüyün kimi, hədisi ət-Tabərani “əl-Əusat” əsərində Peyğəmbərə ﷺ nisbət edərək rəvayət etmişdir. “əl-Kəbir” əsərində isə Dəğfələ nisbət edərək rəvayət etmişdir. Hər iki hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. Lakin əl-Buxari hədisdə “illət” olduğunu bildirərək demişdir: “əl-Həsənin Dağfəldən hədis rəvayət etməsi, həmçinin Dəğfəlin də Peyğəmbərdən ﷺ rəvayət etməsi bilinmir”. Bax: “əl-İsabə” və “ət-Təhzib” kitablarında Dağfəlin tərcümeyi-halı. (Əhməd Şakir).
Sonra Uca Allah orucun İslamın əvvəlindəki hökmünü açıqlayaraq buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar”, yəni xəstə və səfərə çıxan bu hallarda oruc tutmur. Çünki bu iki halda oruc tutmaq onlar üçün məşəqqətdir. Onlar oruclarını açırlar və eyni sayda başqa günlərdə oruc tutmalıdırlar. Səfərdə olmayan, sağlam və oruc tutmağa qadir olan (lakin oruc ona ağır gələn) adama gəlincə, o, oruc tutmaqla (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə vermək arasında seçim edə bilər. İstəsə oruc tutar, istəsə də orucu açar və açdığı hər günün əvəzinə bir kasıbı yedizdirər. Əgər bir kasıbdan artığını yedizdirsə, bu onun üçün daha xeyirlidir. Lakin oruc tutmağı orucu açıb əvəzinə kasıb yedizdirməyindən daha yaxşıdır. Ayənin bu cür təfsiri İbn Məsud, İbn Abbas, Mucahid və başqa təfsir alimlərindən gəlmişdir. Bu səbəbdən Uca Allah buyurur: “Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”.
İmam Əhməd rəvayət edir ki, Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir: “Namaz da, oruc da üç dəfə dəyişmişdir... Oruca gəlincə, Peyğəmbər ﷺ Mədinəyə gəldiyi zaman hər ayın üç günü və Aşura günlərini oruc tutardı. Sonra Uca Allah orucu fərz edərək bu ayəni – “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz”- bu sözə qədər endirdi: “Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”. Bu ayədən sonra istəyən oruc tutar, istəyən də (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedizdirərdi və bu ona orucu əvəz edərdi. Nəhayət, Uca Allah başqa bir ayə endirdi və buyurdu: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar”. Beləcə, Uca Allah səfərdə olmayan, sağlam adama orucu vacib edib, xəstə və səfərdə olana isə orucu açmağı icazə vermişdir. Oruc tuta bilməyən yaşlılara isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedizdirməyi buyurdu. Bu, orucun iki halıdır”. Sonra Muaz (Allah ondan razı olsun) dedi: “Bundan əlavə, insanlar (Ramazan ayında orucu açdıqdan sonra) yatmazdan əvvəl yeyir-içir və qadınları ilə yaxınlıq edirdilər. Yatdıqdan sonra bunları etmək qadağan idi. Sonra Ənsarlardan olan Sirmə adında bir kişi oruclu olduğu halda işləyirdi. Bir dəfə axşam ailəsinin yanına gəldi. İşa namazını qıldı və (çox yorğun olduğu üçün) yeyib-içmədən yatdı. Səhər açıldıqda orucu tutdu. Peyğəmbər ﷺ onun çox yorğun olduğunu gördü və dedi: “Nə olub sənə? Səni çox yorğun görürəm”. Sirmə dedi: “Ey Allahın Elçisi! Mən dünən çox işlədim. Evə gəldim, özümü yatağa atıb yatdım. Səhər isə oruc tutdum”. Muaz dedi: “Ömər də o gecə yatdıqdan sonra qadını ilə yaxınlıq etmişdi. Ömər Peyğəmbərin ﷺ yanına gəlib bunu bildirdi. Bu iki hadisə səbəbindən Uca Allah “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın” ayəsini nazil etdi”. Bu hədisi Əbu Davud, əl-Hakim rəvayət etmişlər. (İbn Kəsir burada hədisi tam olaraq rəvayət etmişdir. Biz isə namaza aid olan hissəni ixtisar etdik. Oruca aid hissəni isə saxladıq. Hədis tam olaraq “əl-Musnəd” əsərindədir (5/246-247, Hələb nəşri). Hədis həmçinin Əbu Davudun “Sunən” əsərində (506-507) var. əl-Hakimin rəvayət edib səhih saydığı orucla əlaqəli olan hissədir (2/274). əz-Zəhəbi də onunla razılaşmışdır. ət-Tabəri də orucla əlaqəli hissəni müxtəsər olaraq rəvayət etmişdir (2729). Hədisin təxrici barədə orada danışmışıq (Əhməd Şakir). Əhməd, 22177, 22475; ət-Tabərani. “Mucəmul-Kəbir” 16691. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 4/21). əl-Buxari və Muslim Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Əvvəllər Aşura günü (Məhərrəm ayının 10-cu günü) oruc tutulardı. Ramazan orucunu fərz edən ayə nazil olduqdan sonra istəyən Aşurada oruc tutar, istəyən tutmazdı”. (əl-Buxari, 1863, 2002). əl-Buxari İbn Ömər və İbn Məsuddan (Allah onlardan razı olsun) buna bənzər bir hədis rəvayət etmişdir.
Uca Allah buyurur: “Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər”. Muazın (Allah ondan razı olsun) dediyi kimi, İslamın əvvəlində istəyən oruc tutardı, istəyən isə oruc tutmazdı əvəzinə isə (buraxdığı hər günə görə) bir kasıbı yedizdirərdi. əl-Buxari də Sələmə ibn Əkvadan (Allah ondan razı olsun) belə rəvayət etmişdir. Sələmə ibn Əkva (Allah ondan razı olsun) demişdir: “Uca Allahın “Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” ayəsi nazil olduqda istəyən orucunu pozur və əvəzində (buraxdığı hər günə görə) fidyə verirdi. Nəhayət, bu ayədən sonrakı ayə nazil oldu və bunun hökmünü ləğv etdi”. (əl-Buxari, 4147, 4507; Muslim, 1931, 2741). Həmçinin əl-Buxari İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, o bu ayənin mənsux (hökmü ləğv edilmiş) olduğunu demişdir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Oruc tutmaqda çətinlik çəkənlər” dedikdə onlara oruc tutmaq çətin gələnlər nəzərdə tutulur. Həmçinin demişdir: “Bu ayə nazil olduqda istəyən oruc tutardı, istəyən isə orucunu pozar və (buraxdığı hər günə görə) bir yoxsulu yedizdirərdi. ”Kim könüllü olaraq yaxşılıq etsə”, yəni başqa bir yoxsulu da yedirtsə, “bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”. Möminlər “Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar” ayəsi nazil olub, əvvəlki ayəni nəsx edənə qədər bu cür oruc tutardılar. Həmçinin əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” ayəsi mənsux deyil, lakin oruc tutmağa qadir olmayan yaşlı kişi və qadınlara aiddir. Onlar oruc tutmağa qadir olmadıqları üçün (buraxdığı hər günə görə) bir yoxsulu yedizdirməlidirlər”. (əl-Buxai, 4145, 4505). Əbu Bəkr ibn Mərdəveyh İbn Əbu Leylanın belə dediyini rəvayət edir: “Bir dəfə Ramazan ayında Ətanın yanına daxil oldum. Bu zaman o, yemək yeyirdi və dedi: “İbn Abbas (Allah ondan razı olsun) demişdir: [“Oruc tutmaqda çətinlik çəkənlər isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” ayəsi nazil olduqda istəyən oruc tutardı, istəyən də orucunu açardı və (buraxdığı hər günə görə) bir yoxsulu yedizdirərdi. Sonra başqa bir ayə nazil oldu] (Bu hissə əl-Əzhariyyə əlyazmasından əlavə edilib. Çap olunmuş nüsxədə pozulmuşdur və bu səhvdir. Buradakı İbn Əbu Leylə Muhəmməd ibn Abdur-Rahməndir. Hədisləri həsəndir. Əta isə ibn Əbu Rabəhdir. (Əhməd Şakir) və bu ayəni nəsx etdi. Yalnız oruc tutmağa qadir olmayan yaşlı insan istəsə, oruc tutmaz və tutmadığı hər günə görə bir kasıbı yedizdirər”. (ət-Tabəri, 2757; İbn Həcər “Fəthul-Bari” 8/179).  
Məsələnin yekunu budur ki, orucun fərz olduğunu bildirən ayənin bu ayəni nəsx etməsi səfərdə olmayan, sağlam kəslər üçün sabitdir və oruc tutmaq onlara vacibdir. Çünki Uca Allah buyurur: “Sizlərdən bu aya (Ramazana) çatan şəxslər həmin ayı oruc tutmalıdırlar”. Oruc tuta bilməyəcək dərəcədə yaşlı olan qocalara gəlincə, bunlar oruc tutmaya bilərlər, əvəzində isə (buraxdığı hər günə görə) bir yoxsulu yedizdirirlər və bu günləri qəza etmək lazım deyil. Çünki onların halı oruc tutacaq dərəcədə yaxşılaşmağa doğru getmir. Lakin maddi imkanı olan yaşlıların oruc tutmadığı hər gün üçün bir kasıbı yedizdirməsi vacibdirmi? Bu barədə alimlər arasında iki fərqli rəy vardır:
Birinci rəyə görə, yaşlı adam, balaca uşaq kimi yaşına görə oruc tutmağa qadir olmadığı üçün, ona tutmadığı günlərə görə bir yoxsulu yedizdirmək vacib deyil. Çünki Uca Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Bu, əş-Şafinin iki rəyindən biridir.
İkinci rəy doğru olan rəydir və alimlərin əksəriyyəti bu fikirdədir – yaşlıların oruc tutmadığı hər gün üçün bir kasıbı yedizdirməsi vacibdir. Necə ki İbn Abbas (Allah ondan razı olsun) və digər sələf alimləri bu ayəni belə təfsir etmişlər. Ayəni “Oruc tutmaqda çətinlik çəkənlər” şəklində oxuyanlara görə, ayənin mənası “oruc tutmaq özlərinə çətin gələnlər” kimidir. Necə ki İbn Məsud (Allah ondan razı olsun) və digərləri də belə demişlər. əl-Buxarinin rəyi də budur. əl-Buxari demişdir: “Oruc tuta bilməyən yaşlılara gəlincə, Ənəs (Allah ondan razı olsun) yaşlandıqdan sonra bir və ya iki il Ramazan ayında hər gün üçün bir kasıba ət və çörək verərdi, özü isə oruc tutmurdu”. əl-Buxarinin bu qeydi əl-Hafiz Əbu Yalə əl-Mavsuli “Musnəd” əsərində Əyyub ibn Əbu Təmiməyə isnad edərək demişdir: “Ənəs ibn Malikin (Allah ondan razı olsun) oruc tutmağa gücü çatmadı. Bir qab şorba bişirtdirdi və otuz kasıbı qonaq edərək onları yedizdirdi”. (Hədisin isnadı səhihdir. Hədisi əl-Heysəmi “əz-Zəvəid” əsərində qeyd etmişdir (3/164) və demişdir: “Hədisi Əbu Yalə rəvayət etmişdir. Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir” (Əhməd Şakir). Əbu Yəalə “Musnəd” 4194; İbn Həcər “əl-Mətalibul-Aliyə” 1046, 1090). Həmçinin Abd ibn Humeyd də bu əsəri rəvayət etmişdir.
Bu hökmə (yaşlı insanlara) həmçinin hamilə və uşaq əmizdirən qadınlar da aiddir. Özünün və ya uşağının zəifləməsindən qorxan hamilə və uşaq əmizdirən qadın barədə alimlər arasında ixtilaf var. Bir qisim alimlər demişlər: “Hamilə və uşaq əmizdirən qadın orucunu açır, əvəzində hər günə görə fidyə verir, gələcəkdə də qəza etməlidir”. Digər qisim isə belə demişdir: “Onların üzərinə yalnız fidyə vermək düşür, qəza etmirlər”. Bəzi alimlər demişlər: “Hamilə və uşaq əmizdirən qadına fidyə vermək lazım deyil, qəzasını tutmalıdır”. Bəziləri isə demişlər: “Hamilə və uşaq əmizdirən qadın orucunu açır, nə fidyə verir, nə də qəza edir”. Biz bu məsələni ətraflı olaraq ayrıca yazdığımız oruc kitabında açıqlamışıq. (Hamilə və uşaq əmizdirən qadının orucu açması məsələsində təfsilat var. Doğru rəy budur ki, əgər hamilə və süd verən qadın özünə görə qorxursa, yəni oruc tutduqda zəifləyirsə, bu halda o, tutmadığı günləri qəza edir, fidyə vermir və bu onun üzərində borc olaraq qalır.  Əgər qadın uşağına görə narahatdırsa, yəni hamilə qadın oruc tutduğu təqdirdə uşağa zərər dəyəcəyindən, süd verən qadın isə südünün kəsilməsindən qorxursa, bu halda qadın buraxdığı orucları qəza etməklə bərabər, hər günə görə bir kasıbı yedizdirməlidir). Həmd Allahadır, nemət Allahdandır.
əl-Bəqərə, 185
شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
185. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə, şükür edəsiniz.

 
Uca Allah bu ayədə Ramazan ayını digər aylardan fərqləndirərək tərifləyir. Belə ki Uca Allah Əzəmətli Quranı nazil etmək üçün məhz bu ayı seçmişdir. Həmçinin bütün İlahi Kitabların məhz bu ayda peyğəmbərlərə endirilməsi barədə hədis varid olmuşdur. Necə ki İmam Əhməd Vasilə ibn əl-Əsqadan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “İbrahimin səhifələri Ramazanın ilk gecəsində endirildi. Tövrat Ramazanın yeddinci gecəsində endirildi. İncil Ramazanın on dördüncü gecəsində endirildi. Quranı isə Uca Allah Ramazanın iyirmi beşinci gecəsində endirmişdir”. (Hədis “əl-Musnəd” kitabındadır (17051) (4/107, Hələb nəşri). Həmçinin ət-Tabəri rəvayət etmişdir (2814). (Əhməd Şakir). Əhməd, 17025, 19984. Hədisin ət-Tabəranin “Mucəmul-Kəbir” əsərində İncilin endirilməsindən sonra bu əlavə var: “Zəbur isə Ramazanın on doqquzuncu gecəsi endirildi”. Hədis həsəndir. Bax: Silsilə əs-Sahihə, 1575; Səhh əl-Cami, 1497).  
İbrahimin (ona salam olsun) səhifələri, Tövrat, Zəbur və İncilə gəlincə, bu kitablar nazil olduqları peyğəmbərlərə birdəfəlik endirilmişdir. Quran isə tam şəkildə bir gecədə – Ramazan ayının Qədr gecəsində – dünya səmasındakı Beytul-İzzətə (“Beytul-İzzət – dünya səmasında olan bir evdir. Bu evdə mələklər ibadət edərlər. Hər səmada mələklərin ibadət etməsi üçün bir ev var. Yeddinci səmada mələklərin ibadət etdiyi ev isə Beytul-Məmur adlanır. Bu ev Kəbə ilə paralel yeddinci səmada yerləşir. Hədisdə gəldiyi kimi bu evə hər gün yetmiş min mələk daxil olub ibadət edir və bu mələklər bir daha ora qayıtmırlar. Bu isə mələklərin çoxluğuna dəlalət edir”. (İbn Bəzz) endirilmişdir. Necə ki Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!” (“əl-Qadr”, 1). Həmçinin buyurur: “Biz onu mübarək bir gecədə nazil etdik” (“əd-Duxan”, 3). Bundan sonra Quran hadisələrin gedişatına görə Peyğəmbərə ﷺ endirilmişdir. Müxtəlif yollarla rəvayət edilmişdir ki, Atiyyə ibn əl-Əsvəd İbn Abbasdan (Allah ondan razı olsun) soruşmuşdur: “Mənim dərk edə bilmədiyim bir şey var. Uca Allah Quranda buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir” (“əl-Bəqərə”, 185), “Biz onu mübarək bir gecədə nazil etdik” (“əd-Duxan”, 1), “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!” (“əl-Qadr”, 1). Lakin Quran Peyğəmbərə ﷺ Şəvval ayında da, Zul-Qadə ayında da, Zul-Hiccə ayında da, Məhərrəm ayında da, Səfər ayında da, Rabiul-Əvvəl ayında da nazil olmuşdur, bunun izahı nədir?” İbn Abbas (Allah ondan razı olsun) dedi: “Quran Ramazan ayında, mübarək bir gecədə – Qədr gecəsində bütöv şəkildə (dünya səmasına) endirilmişdir. Sonra digər günlərdə və aylarda hissə-hissə, tədricən nazil edildi”. Bu hədisi İbn Əbu Hatim ilə İbn Mərdəveyh rəvayət etmişlər. Hədisin mətni İbn Mərdəveyhə aiddir. [Bu hədis İbn Abbasdan - Allah ondan razı olsun - başqa yollarla da rəvayət edilmişdir.]
Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran...”. Bununla Uca Allah insanları doğru yola yönəltmək üçün endirdiyi Quranı mədh edir və tərifləyir. Bu Quran yalnız ona iman gətirib içindəkiləri təsdiqləyənlərin və buyurduqlarına tabe olanların qəlblərini doğru yola yönəldir. “Bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran...”, yəni onu düşünən və anlayanlar üçün Quranda açıq-aşkar dəlillər və sübutlar var. Quran insanları zəlalətin əksi olan hidayətə, azğınlığın əksi olan doğru yola yönəldən, haqq ilə batili, halal ilə haramı bir-birindən ayıran kitabdır. Sələf alimlərindən bəziləri bu aya, sadəcə, “Ramazan” deməyin düzgün olmayıb, “Ramazan ayı” deyilməsinin düzgün olduğunu bildirmişlər. (Oruc tutulan aya “Ramazan” deyilməsinin qadağan olunduğunu deyənlər bu hədisə əsaslanmışlar: “Bu aya “Ramazan” deməyin! Çünki, “Ramazan” Allahın adlarından biridir. “Ramazan ayı” deyin!”. Lakin bu hədis olduqca zəifdir. Hətta bəzi alimlər bu hədisin batil olduğunu demişlər (Bax: Silsilə əd-Daifə, 6768). Lakin Abdullah ibn Abbas və Zeyd ibn Sabit (Allah ondan razı olsun) belə deyilməsinə icazə vermişlər. Həmçinin əl-Buxari də bu rəyə üstünlük verərək “Səhih” əsərində “Ramazan” deyilə bilər” başlığı altında bir çox hədis zikr etmişdir. Bu hədislərdən biri belədir: “Kim Ramazanı imanla və mükafatını Allahdan umaraq oruc tutsa, keçmiş günahları bağışlanar”. (əl-Buxari, 38).  Həmçinin buna bənzər başqa hədislər də rəvayət etmişdir. (əl-Buxarinin adlandırdığı başlıq belədir: “Ramazan”, yoxsa “Ramazan ayı” deyilməlidir? Hər iki ifadəni düzgün sayan kimsə haqqında” (4/96, “Fəthul-Bari”). Sonra yuxarıdakı hədisi gətirmişdir. Sonra bu hədisi növbəti başlıqda (səh. 98-99) Əbu Hureyradan tam olaraq rəvayət etmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar”. Bu ayə sağlam və ölkəsində məskun olan (səfərdə olmayan) kəslərə Ramazan hilalının doğduğunu gördükləri zaman oruc tutmağın qəti olaraq vacib olduğunu bildirir. Bu ayə həmçinin daha əvvəl keçən sağlam və ölkəsində məskun olan (səfərdə olmayan) kəsin orucu açıb əvəzinə hər günə görə bir kasıbı yedizdirə bilməsini icazə verən ayənin hökmünü ləğv etmişdir. Yuxarıda bu məsələnin açıqlaması artıq keçdi. Uca Allah orucun qəti şəkildə vacib olduğunu qeyd etdikdən sonra buraxdığı günləri qəza etmək şərti ilə xəstə və səfərdə olanlara orucu açmağın icazəli olduğunu təkrarən bildirərək buyurur: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır”, yəni kimin bədənində xəstəlik varsa, bu səbəbdən oruc tutmaq ona ağır gəlirsə və ya oruc tutmaq ona zərər verər və ya səfərdə olarsa, bu halda orucu aça bilər. Səfərdə orucu açarsa, səfərdə olmadığı günlərdə açdığı günlərin sayı qədər oruc tutmalıdır. Bu səbəbdən Uca Allah buyurur: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir”, yəni Allah Ramazan orucunu səfərdə olmayan sağlam adamlara vacib etməsinə baxmayaraq, xəstə və səfərdə olanlara orucu açmağı icazə vermişdir. Bu, Uca Allahın sizin işinizi asanlaşdırması və mərhəmətidir.
 
Bu ayə ilə əlaqəli bəzi məsələlər:
 
1. Bəzi alimlər demişlər: “Ramazanın əvvəlində müsafir olmayan, lakin daha sonra Ramazan ayı ərzində səfərə çıxan adam səfər səbəbindən orucunu poza bilməz”. Bu, qəribə rəydir. Bu rəyi İbn Həzm “əl-Muhəllə” adlı əsərində bir çox səhabə və təbiindən nəql etmişdir. Lakin onun bu nəqlinə yenidən nəzər yetirmək lazımdır. Ən doğrusunu Allah bilir. əl-Buxari və Muslimin eyniadlı “Səhih” əsərlərində Peyğəmbərdən ﷺ rəvayət olunan hədisdə sabit olmuşdur ki, Peyğəmbər ﷺ Ramazan ayında Məkkəni fəth etmək üçün döyüşə çıxmış, nəhayət, əl-Kədid deyilən yerə gəlib çatdıqda orucunu açmış və insanlara da oruclarını açmağı əmr etmişdir. (əl-Buxari, 1808, 1944).
2. Səhabə və tabiinlərdən ibarət digər bir toplum səfərdə orucu açmağın vacib olduğunu demişlər. Onlar öz rəylərində Uca Allahın “başqa günlərdə eyni sayda oruc tutmalıdır” sözünə əsaslanmışlar. Lakin bu məsələdə doğru olan görüş əksər alimlərin sözüdür. Onların sözünə görə, səfərdə oruc tutmamaq ixtiyaridir, vacib deyil. Çünki səhabələr Ramazan ayında Peyğəmbərlə ﷺ səfərə çıxırdılar və onlardan biri (Ənəs ibn Malik) belə deyir:  “Aramızda bəziləri oruc tutardı, bəziləri isə tutmazdı. Buna görə bir-birlərini qınayıb təqsirləndirməzdilər”. (Bu hədis Ənəsdən, Əbu Səiddən, Cabirdən və Aişədən sabit olmuşdur. Bax: “Fəthul-Bari” (4/163), Muslim (1/308-309) (Əhməd Şakir). əl-Buxari, 1811, 1947; Muslim, 1884, 2676). Əgər səfərdə orucu açmaq vacib olsaydı, Peyğəmbər ﷺ səfərdə oruc tutmağı onlara qadağan edərdi. Əksinə, hədislərdə sabit olmuşdur ki, Peyğəmbər ﷺ belə hallarda oruclu olub. Necə ki əl-Buxari və Muslimdə gələn hədisdə Əbu Dərdə (Allah ondan razı olsun) demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Ramazan ayında çox şiddətli bir istidə səfərə çıxdıq. Hətta bizlərdən biri əlini istidən başına qoyurdu. İçimizdə Peyğəmbər ﷺ və Abdullah ibn Ravəhədən başqa heç kəs oruc tutmamışdı”. (Muslim, 1892, 2686).  
3. əş-Şafiinin də olduğu bir qrup alim demişlər: “Səfərdə oruc tutmaq orucu açmaqdan daha yaxşıdır”. Çünki yuxarıda deyildiyi kimi, Peyğəmbər ﷺ səfərdə belə etmişdir. Başqa bir qrup alim isə Allahın rüsxətini qəbul edərək səfərdə orucu açmağın daha əfzəl olduğunu demişlər. Çünki bir hədisdə sabit olmuşdur ki, Peyğəmbərdən ﷺ səfərdə oruc tutmaq barədə soruşulduqda o belə demişdir: “Kim orucunu açsa, daha yaxşı olar. Lakin kim də oruc tutsa, ona günah deyil”. (Bu mənada Həmzə ibn Amr əl-Əsləmidən (Allah ondan razı olsun) hədis sabit olmuşdur. Hədisi Muslim (1/370) və ət-Tabəri (2891) rəvayət etmişlər. Hədisin təxrici barədə açıqlama vermişik. (Əhməd Şakir). Muslim, 1892, 2686) Başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Allahın sizə asanlıq üçün verdiyi rüxsəti götürün!” (Bu mətn Muslimin Cabirdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədislərdən birinə aiddir (1/308), (Əhməd Şakir). Muslim, 1891, 2685).  
Bir qrup alimlər isə demişlər: “Səfərdə oruc tutmaq ilə orucu açmaq eynidir”. Buna dəlil isə Aişədən (Allah ondan razı olsun) gələn hədisdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Həmzə ibn Amr əl-Əsləmi dedi: “Ey Allahın Elçisi! Mən çox oruc tuturam. Səfərdə də oruc tuta bilərəmmi?” Peyğəmbər ﷺ dedi: “İstəyirsən, tut, istəyirsən, tutma”. (əl-Buxari, 1807, 1943; ən-Nəsəi “Sunən” 2306). Bu hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərindədir.
Bəzi alimlər isə demişlər: “Səfərdə oruc tutmaq çətin gələrsə, orucu açmaq daha əfzəldir”. Necə ki Cabirin (Allah ondan razı olsun) hədisində gəlmişdir ki, bir dəfə Peyğəmbər ﷺ səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplanmış əshabələri görüb (onlardan): “Nə baş verib?”– deyə soruşdu. Onlar: “Bu adam oruc tutub”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir”. (əl-Buxari, 1810, 1946). Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. Kim Peyğəmbərin ﷺ sünnəsinə tabe olmayıb, oruc açmağın ona haram olduğunu desə də, bu adamın orucunu açması lazımdır. Bu halda onun oruc tutması haramdır. Çünki Əhmədin “əl-Musnəd” əsərində və digər qaynaqlarda Abdullah ibn Ömər və Cabirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Kim Allahın verdiyi rüsxəti qəbul etməzsə, Arafat dağı boyda günah qazanar”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (5392) İbn Ömərdən (Allah ondan razı olsun) səhih isnadla rəvayət etmişdir. Həmçinin Uqbə ibn Amir əl-Cuhənidən (Allah ondan razı olsun) də səhih isnadla rəvayət etmişdir (17523). Lakin Cabirdən (Allah ondan razı olsun) olan rəvayəti tapa bilmədim. (Əhməd Şakir). Hədis zəifdir.  Bax: Silsilə əd-Daifə, 1949).  
4. Orucu qəza etməklə əlaqəlidir. Səfər və ya xəstəlik səbəbindən tutulmayan orucların qəzası ardıcıl tutulmalıdır, yoxsa ayrı-ayrı günlərdə də tutmaq olar? Bu məsələdə iki rəy var: Birinci rəy budur ki, qəza orucları ardıcıl tutulmalıdır. Çünki bir ibadətin qəzası yerinə yetirilən ibadətin özü ilə eyni olmalıdır. İkinci rəy isə budur ki, qəza oruclarının ardıcıl tutulması vacib deyil, qəza orucu tutan istəsə, buraxdığı günləri ardıcıl tutar, istəsə də ayrı-ayrı günlərdə tutar. Bu rəy əksər sələf və onlardan sonra gələn xələf alimlərinin sözüdür. Dəlillər də buna dəlalət edir, çünki Ramazan ayında oruc tutulması zərurəti olduğu üçün bu ayda ardıcıl oruc tutmaq vacib olmuşdur. Ramazan ayı bitdikdən sonra isə oruc tutmaqda məqsəd buraxılan günlərin sayı qədər oruc tutmaqdır. Bu səbəbdən Uca Allah “başqa günlərdə eyni sayda oruc tutmalıdır” sözündən sonra “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir”, – buyurur. İmam Əhməd Əbu Qatədədən (Allah ondan razı olsun) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Sizin dininizin ən xeyirlisi asan olanıdır. Sizin dininizin ən xeyirlisi asan olanıdır”. (Hədis “əl-Musnəd” (5392) əsərindədir. əl-Heysəmi bu hədisi “əz-Zavaid” kitabında (1/61) müxtəsər olaraq qeyd etmişdir. Sonra demişdir: “Əhməd rəvayət etmiş hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. Qarşıda gələn Mihcan ibn əl-Ərdanın hədisinə bax (Əhməd Şakir). Əhməd, 15978, 16032; ət-Tabərani “Mucəmus-Sağir” 1066. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3309). Həmçinin Əhməd Əbu Urvənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz Peyğəmbəri ﷺ gözləyirdik. O, saçları dağınıq, dəstəmaz və ya qüsl səbəbi ilə başından su damcılayan halda evindən çıxıb gəldi və namaz qıldı. Namazı bitirdikdən sonra insanlar ona sual verməyə başladılar: “Belə etməyimizdə bir qəbahət varmı?” Peyğəmbər ﷺ dedi: “Həqiqətən, Allahın dini asanlıqdır” və bunu üç dəfə təkrar etdi”. (Əhməd, 20669, 20945; Əbu Yəalə “əl-Musnəd” 6863. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir). Bunu İbn Mərdəveyh rəvayət etmişdir. (Hədisi “əl-Musnəd” (5/69, Hələb nəşri) əsərindədir. Həmçinin hədisi əl-Buxari “ət-Tarixul-Kəbir” əsərində (4/1/30-31) rəvayət etmişdir. əl-Heysəmi bu hədisi “əz-Zavaid” kitabında (1/61-62) qeyd etmiş, sonra demişdir: “Əhməd, ət-Tabərani “əl-Kəbir” əsərində və Əbu Yəalə rəvayət etmişlər. Hədisin sənədində Asim ibn Hilal var. Əbu Hatim onun etibarlı ravi olduğunu demişdir. ən-Nəsəi və başqaları isə zəif olduğunu demişlər. Həmçinin sənədində Ğadira adlı ravi var. Ondan yalnız Asim hədis rəvayət etmişdir”. Mən deyirəm: “Hədisin isnadı səhihdir. Ğadira ibn Urva əl-Fəqihinin tərcümeyi-halını əl-Buxari “ət-Tarixul-Kəbir” əsərində (4/1/109) qeyd etmiş və onun barəsində pis heç bir şey söyləməmişdir. əl-Buxari hədisi “ət-Tarixul-Kəbir” əsərində gətirməklə onu təmizə çıxarmamışdır. Hədisdəki [saçları dağınıq] sözünü əl-Əzhəriyyə əlyazmasından əlavə etmişik. Yəni saçı nə çox cod, nə də çox yumşaq idi. Bu ikisinin ortasında idi. (Əhməd Şakir).
İmam Əhməd rəvayət edir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ demişdir: “Asanlaşdırın, çətinləşdirməyin! (Müjdə verməklə insanların qəlblərinə) rahatlıq salın, nifrət oyatmayın!” (əl-Buxari, 69). Bu hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər. əl-Buxari və Muslimin “Səhih” əsərlərində həmçinin varid olmuşdur ki, Peyğəmbər ﷺ Muazı və Əbu Musanı Yəmənə göndərdikdə onlara belə demişdir: “Müjdələyin, nifrət oyatmayın! Asanlaşdırın, çətinləşdirməyin! Bir-birinizlə razılaşın, fikir ayrılığına düşməyin!” (əl-Buxari, 2811, 3038; Muslim, 3263, 4623). “Sunən” və “Musnəd” əsərlərində Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Mən Hənif (batildən haqqa yönəlib Tək Allaha ibadət etməyi əmr edən) və asan olan bir dinlə göndərildim”. (Əhməd, 22345, 22647. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2924). İbn Mərdəveyh Mihcən ibn əl-Ədradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ namaz qılan bir kişi gördü. Bir müddət onu baxışları ilə müşayiət elədi və dedi: “Səncə, bu kişi namazında sadiqdirmi?” Mən dedim: “Bəli, ey Allahın Elçisi! Bu kişi Mədinə əhalisi içərisində ən çox namaz qılandır”. Peyğəmbər ﷺ dedi: “Ona bunu eşitdirmə, yoxsa onu həlak etmiş olarsan”. Sonra Peyğəmbər ﷺ sözünə davam edərək dedi: “Allah bu ümmətə çətinlik deyil, asanlıq istəmişdir”. (əl-Hafiz İbn Kəsir bu hədisi İbn Mərdəveyhdən rəvayət etməklə səhvə yol vermişdir. Hədis “əl-Musnəd” əsərindədir (4/338 və 5/32, Hələb nəşri). Lakin hədisin sonunda (“Sizin dininizin ən xeyirlisi asan olanıdır” iki dəfə) əlavəsi var. “əl-Musnəd” əsərində gələn hər iki isnad səhihdir. (Əhməd Şakir). Əhməd, 20347, 20362. əl-Hakim və əz-Zəhəbi səhih olduğunu bildirmişdir. Şueyb əl-Arnavut “həsən li-ğeyrihi” olduğunu bildirmişdir).
Uca Allahın “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız” sözünün mənası budur ki, Allah xəstəlik və səfər kimi üzrlü səbəblərdən sizə orucu açmağa icazə verməklə sizə asanlıq istəmişdir. Ardından orucu açdığınız günləri qəza etməyi əmr etmişdir ki, Ramazan ayının günlərinin sayını tamamlayasınız.
Uca Allah buyurur: “və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız”, yəni ibadətinizi tamamladığınız zaman Allahı zikr edəsiniz. Necə ki bir ayədə belə buyurur: “Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin!” (“əl-Bəqərə”, 200). Başqa bir ayədə isə belə buyurur: “Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə, nicat tapasınız” (“əl-Cumuə”, 10). Həmçinin buyurur: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə! Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!” (“Qaf”, 39-40). Bu səbəbdən hədislərdə fərz namazlarının ardından təsbih (Subhənallah), təhmid (Əlhəmdulilləh) və təkbir (Allahu Əkbər) etməyin bəyənilən əməl olması gəlmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Biz (uşaq ikən) Peyğəmbərin ﷺ namazının bitməsini təkbir (Allahu Əkbər) səsindən bilərdik”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (1933, 3478) və Muslim “Səhih” əsərində (1/132-133) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 918, 1345).
Uca Allah ayənin sonunda buyurur: “Bəlkə, şükür edəsiniz”, yəni əgər Allahın sizə əmr etdiklərinə itaət edib, fərz buyurduqlarını yerinə yetirsəniz, haramlarından çəkinib Allahın qoyduğu hüdudları qorusanız, ümid olunur ki, bununla siz şükür edənlərdən olarsınız.
əl-Bəqərə, 186
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ
186. Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

 
İmam Əhməd rəvayət etmişdir ki, Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) demişdir: “Biz bir döyüşdə Peyğəmbərlə ﷺ birlikdə idik. Hər hansı bir yüksəkliyə qalxdıqda və ya vadiyə endikdə uca səslə: “Allahu Əkbər”, – deyərdik. Sonra Peyğəmbər ﷺ bizə yaxınlaşıb dedi: “Ey insanlar, özünüzə yazığınız gəlsin! Axı siz nə kar, nə də uzaqda olanı çağırırsınız. Siz Eşidən və Görən Allahı çağırırsınız! Sizin çağırdığınız Allah sizə miniyinizin boğazından da yaxındır”. Sonra Peyğəmbər ﷺ Abdullah ibn Qeysə dedi: “Ey Abdullah ibn Qeys! Sənə Cənnət xəzinələrindən sayılan bir kəlməni (Burada Peyğəmbərin ﷺ cümləyə kəlmə deməsi qeyri-adi bir şey deyildir. Belə ki ərəbcə bir və ya bundan da artıq cümlələrə “kəlmə” və ya “söz” demək olar. Uca Allah buyurur: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür” (“əl-Muminun”, 99-100). öyrədimmi? Bu “Lə həulə və lə quvvətə illə billəh!” (Allahdan başqa güc və qüvvət sahibi yoxdur) zikridir”. (əl-Buxari, 6120, 6610). Bu hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər. Digər hədis kitablarının müəllifləri də buna oxşar mətnlə hədislər rəvayət etmişlər. (Hədis “əl-Musnəd” əsərindədir (4/402, Hələb nəşri).  
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini“ rəvayət etmişdir: "Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. (Qadi İyad demişdir: “Bu sözlərin mənası haqqında belə deyilir: “Bağışlanma dilədikdə onu bağışlayaram. Tövbə etdikdə onun tövbəsini qəbul edərəm. Dua etdikdə onun duasını eşidərəm. İstədikdə istədiyini verərəm”. Həmçinin belə deyilir: “Burada məna bağışlanmağa ümid bəsləməkdir. Bu rəy daha səhihdir” (Əbul-Əla əl-Mubarakfuri “Tuhfətul-Əhvəzi” 3527). Mənə dua etdikcə Mən onunlayam”).əl-Buxari “Ədəbul-Mufrad” 616. Hədis səhihdir. Əhməd Şakir demişdir: “Hədis “əl-Musnəd” (13225) əsərindədir. əl-Heysəmi bu hədisi “əz-Zavaid” kitabında (10/147) qeyd etmiş, sonra da demişdir: “Hədisi Əbu Yəalə rəvayət etmişdir. Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. əl-Heysəmi hədisi “əl-Musnəd” kitabına nisbət etməyi unutmuşdur. Həmçinin hədisi Muslim bu mətnlə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir”). Həmçinin İmam Əhməd rəvayət etmişdir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Uca Allah buyurur: “Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onunlayam (Hədisdəki “Mən onunlayam” ifadəsinin mənası “Mənim yardımım, müvəffəqiyyətim və onu məqsədinə çatdırmağımla onunlayam” deməkdir (əl-Munavi “Feydul-Qadir” 1928)”. (İbn Macə, 3792, 3924; Əhməd, 10989, 11267. Hədis səhihdir. Əhməd Şakir demişdir: “Hədis “əl-Musnəd” (10989) əsərindədir. əl-Hafiz İbn Həcər “ət-Təhzib” əsərində (12/448) bu hədisə işarə edərək bildirmişdir ki, hədisi əl-Buxari “Ədəbul-Mufrad” əsərində rəvayət etmiş, “Səhih” əsərində isə muəlləq olaraq qeyd etmişdir. “Bu hədis əl-Buxarinin sənədini tam qeyd etmədiyi mərfu hədislərdən biridir”).
Mən deyirəm: Bu hədislərin mənası Uca Allahın: “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir” (“ən-Nəhl”, 128) sözünə bənzəyir. Həmçinin Musa və Haruna “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!” (“Taha”, 46) deməsi kimidir. Burada qəsd olunan odur ki, Uca Allah heç bir dua edənin duasını cavabsız qoymaz. Heç nə onu bu duaları eşitməkdən yayındıra bilməz. O, duaları Eşidəndir. Bu ayə insanları dua etməyə təşviq edərək bildirir ki, Uca Allahın qatında heç bir dua qarşılıqsız qalmır. Necə ki İmam Əhməd ibn Hənbəl demişdir: “Bizə Yəzid bir adamdan, o da Əbu Osman ən-Nəhdidən, o da Salman əl-Farisidən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Həqiqətən, Uca Allah əllərini Ona açıb xeyir istəyən qulun əllərini boş qaytarmağa həya edər”. (İbn Məcə, 3865; Əbu Davud, 1490; ət-Tirmizi, 3556, 3904. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2070). Hədisi Əbu Davud, ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi bu hədisin “həsən-ğarib” olduğunu demişdir. Bəziləri bu hədisi rəvayət etmiş, lakin Peyğəmbərə ﷺ nisbət etməmişlər. (“əl-Musnəd” (5/438, Hələb nəşri), ət-Tirmizi (4/274), İbn Məca (3865) bu hədisə oxşar mətnlə rəvayət etmişdir. (Əhməd Şakir).  
İmam Əhməd Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Hansı bir müsəlman tərkibində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, (Allah) ona üç şeydən birini verər – ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da etdiyi dua qədər başına gələn bir müsibəti ondan uzaq edər”. Səhabələr dedilər: “Elə isə duaları çoxaldaq!” Allah Elçisi ﷺ dedi: “Allah daha çox verəndir!” (əl-Buxari “Ədəbul-Mufrad” 710. Hədis səhihdir. Əhməd Şakir demişdir: “Hədis “əl-Musnəd” (11150) əsərindədir. əl-Heysəmi bu hədisi “əz-Zavaid” kitabında (10/148-149) qeyd etmiş, sonra demişdir: “Hədisi Əhməd, Əbu Yəalə oxşar mətnlə, əl-Bəzzər və ət-Tabərani “əl-Əusat” əsərində rəvayət etmişlər. Əhmədin, Əbu Yəalənin və əl-Bəzzərin isnadlarından birinin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir. Yalnız Əli ibn Əli ər-Rifaidən başqa. O da etibarlı ravidir”).
Abdullah ibn Əhməd Ubədə ibn Samitdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Yer üzərində elə bir müsəlman yoxdur ki, Qüdrətli və Əzəmətli Allaha günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua etsin, Allah da onun istəyini verməsin və ya etdiyi dua müqabilində ondan şəri uzaqlaşdırmasın”. (ət-Tirmizi, 3573, 3922; Əhməd, 11133, 11149 Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5637). Hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir: “Hədis “həsən-səhihdir”, bu şəkildə rəvayət olunması ğaribdir”. (Hədis Abdullahın bəzi əlavələri ilə “əl-Musnəd” əsərində (5/329, Hələb nəşri) və ət-Tirmizidədir (4/279-280). (Əhməd Şakir). İmam Malik Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Duasının qəbul olunmasına tələsməyən və “Mən dua etdim, amma duam qəbul olmadı”, – deməyən kəsin duası qəbul olar”. (əl-Buxari, 5865, 6340; Muslim, 4916, 7110; Malik “Muvatta” 497). Hədisi əl-Buxari və Muslim Malikdən rəvayət etmişlər. Hədisin mətni əl-Buxariyə aiddir. Allah ona rəhmət etsin və onu Cənnətlə mükafatlandırsın! Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Qul tərkibində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan dua etdikcə və duasında tələsmədikcə etdiyi duası qəbul olar”.  Peyğəmbərdən ﷺ: “Ey Allahın Elçisi, tələsmək necə olur?”- deyə soruşulduqda Peyğəmbər ﷺ belə buyurdu: “(Qulun): “Çoxlu dua etdim, lakin qəbul olunmasını görmədim”, – deməsidir. Bu zaman o, bezər və dua etməyi tərk edər”. (Muslim (2/320), (Əhməd Şakir). Muslim, 4918, 7112). İmam Əhməd Ənəsdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Qul duasında tələsmədikcə xeyir içində olar”. Səhabələr soruşdular: “Duada tələsmək necə olur?” Peyğəmbər ﷺ dedi: “Qulun: “Rəbbimə dua etdim, amma duamı qəbul etmədi”, – deməsidir”. (Hədis “əl-Musnəd” (13040, 13231) əsərindədir. əl-Heysəmi bu hədisi “əz-Zavaid” kitabında (10/147) qeyd etmişdir. Sonra demişdir: “Hədisi Əhməd, Əbu Yalə oxşar mətnlə, əl-Bəzzər və ət-Tabərani “əl-Əvsət” əsərində rəvayət etmişlər. Hədisin sənədində Əbu Hilal ər-Rasibi var və o etibarlı ravidir. Əhmədin və Əbu Yalənin yerdə qalan raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir. (Əhməd Şakir). Həmçinin Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Qəlblər bir qab kimidir. Biri digərindən daha genişdir. Ey insanlar! Allaha dua etdiyiniz zaman onun qəbul olunmasına yəqin inanaraq dua edin. Çünki qafil qəlblə dua edən qulun duası qəbul olunmaz”. (“əl-Musnəd” (6655), əz-Zavaid” (10/148). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 6655. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 596).
Uca Allah dua etməyə təşviq edən bu ayəni orucun ehkamları arasında gətirməsi ilə qullarını oruc ibadətini tamamladıqdan sonra, hətta hər orucu açdıqdan sonra çox dua etməyə yönəldir. Necə ki İmam Əbu Davud ət-Tayəlisi Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Oruclunun iftar açdığı zaman rədd olunmayan (qəbul olunan) duası var”. Rəvayət olunur ki, Abdullah ibn Amr orucu açdığı zaman ailəsini və uşaqlarını çağırıb dua edərdi. (ət-Tayəlisi “əl-Musnəd” əsəri (2262), (Əhməd Şakir). ət-Tayəlisi, 2262, 2376. Hədis mətrukdur. Bax: İrvaul-Ğalil, 4/44). İbn Məcə rəvayət etmişdir ki, Abdullah ibn Əbu Muleykə demişdir: “Mən Abdullah ibn Amrın (Allah ondan razı olsun) orucu açdığı zaman belə dediyini eşitdim: “Allahım! Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm! [Allahummə inni əs'əlukə birahmətikəl-ləti vasi'at kullə şey'in ən təğfira li]”. (İbn Məcə (1753) isnadı səhihdir. əl-Hakim “əl-Mustədrak” əsərində rəvayət etmişdir (1/422), (Əhməd Şakir). İbn Məcə, 1753; əl-Hakim, 1535. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 921).
İmam Əhmədin “əl-Musnəd”, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcənin “Sunən” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Üç adamın duası rədd olunmaz: ədalətli rəhbərin, oruc tutanın iftar vaxtı etdiyi dua və zülmə məruz qalanın duası. Allah o duanı buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və Uca Rəbb buyurur: “İzzətimə and olsun ki, bir müddət keçsə belə, Mən sənə mütləq kömək edəcəyəm”. (ət-Tirmizi (4/288). ət-Tirmizi demişdir: “Həsən hədisdir”. İbn Məcə (1752). Hədis “əl-Musnəd” əsərində uzun mətnlə rəvayət olunub (8030), (Əhməd Şakir). ət-Tirmizi, 2526. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 870).
əl-Bəqərə, 187
أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَائِكُمْ هُنَّ لِبَاسٌ لَكُمْ وَأَنْتُمْ لِبَاسٌ لَهُنَّ عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ أَنْفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنْكُمْ فَالْآنَ بَاشِرُوهُنَّ وَابْتَغُوا مَا كَتَبَ اللَّهُ لَكُمْ وَكُلُوا وَاشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ وَلَا تُبَاشِرُوهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ
187. Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə, Ondan qorxalar.

 
Bu ayə ilə Uca Allah müsəlmanlara bir rüsxət vermiş və İslamın əvvəlində olan bir çətinliyi aradan qaldırmışdır. Çünki İslamın əvvəlində orucunu açan adama İşa namazına və ya ondan əvvəl yatana qədər yemək, içmək və cinsi əlaqədə olmaq halal idi. Lakin əgər yatar və ya İşa namazını qılardısa, artıq ona yemək, içmək və cinsi əlaqədə olmaq növbəti gün axşam düşənədək qadağan idi. Bu, müsəlmanlara çox ağır gəlirdi. Bu ayədə keçən الرَّفَثُ  [ər-rafəs] sözü cinsi əlaqə deməkdir. İbn Abbas, Əta, Mucahid və başqaları belə demişlər.
Uca Allah buyurur: “Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız”. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr və başqaları demişlər: “Yəni onlar sizin üçün, siz də onlar üçün rahatlıq mənbəyisiniz”. Rabi ibn Ənəs bu ayənin təfsirində demişdir: “Qadınlarınız sizin üçün, siz də onlar üçün örtüksünüz”. Qısa olaraq, kişi ilə qadın bir-biri ilə sıx münasibətdə olub, bir-birinə bağlı olduqları üçün çətinliyə düşməsinlər deyə Ramazan ayında gecələr cinsi əlaqədə olmağın icazə verilməsi çox münasibdir.
Bu ayənin nazilolma səbəbi Muazın (Allah ondan razı olsun) uzun hədisində keçmişdir. Rəvayət edilir ki, Bəra ibn Azib (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ əshabələri oruc tutduqları zaman iftar etməmiş yatsaydılar, sonradan bütün gecəni və növbəti günü axşam düşənədək yemək yeməzdilər. Bir dəfə Qeys ibn Sirmə əl-Ənsari oruc tutmuşdu. Həmin gün o, bağında işləmişdi. Nəhayət, iftar vaxtı yetişdikdə zövcəsinin yanına gəlib ondan: “Yeməyə bir şey varmı?”– deyə soruşdu. Zövcəsi: “Yoxdur, amma bu dəqiqə gedib sənin üçün bir şey hazırlayaram”, – dedi. Qeys dözə bilməyib yuxuya getdi. Zövcəsi gəlib onu bu halda görəndə: “Yatdınmı? Elə isə ziyana uğradın!”– dedi. Nəhayət, günorta olduqda Qeys huşunu itirdi. Sonra bu haqda Peyğəmbərə ﷺ xəbər verdilər və bu ayə nazil oldu: “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz orucluq gecələrində zövcələrinizlə yaxınlıq etməklə özünüzə xəyanət edirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın...”. Uca Allahın bu sözünə qədər “Dan yeri söküləndə ağ sap qara sapdan (şəfəq gecənin qaranlığından) seçilənə qədər yeyin-için”. Müsəlmanlar bu ayənin nazil olduğuna çox sevindilər”. (Muazdan (Allah ondan razı olsun) rəvayət olunan uzun hədis əvvəlki səhifələrdə keçdi. Bəradan (Allah ondan razı olsun) rəvayət olunan bu hədisi isə Əhməd “əl-Musnəd” əsərində (4/295, Hələb nəşri), əl-Buxari (4/11-112, “Fəthul-Bari”) və ət-Tabəri (2939) oxşar mətnlə rəvayət etmişlər. Hədisin təxricini orada vermişik. (Əhməd Şakir).
əl-Buxarinin rəvayət etdiyi hədisin mətni belədir: “Rəvayət olunur ki, Bəra ibn Azib (Allah ondan razı olsun) demişdir: “Ramazan orucunun vacib olmasını bildirən ayə nazil olduqdan sonra müsəlmanlar bütün Ramazan boyu qadınlara yaxınlaşmırdılar. Bəzi kişilər (orucluq gecələrində zövcələri ilə yaxınlıq etməklə) özlərinə xəyanət edirdilər. Uca Allah da bu ayəni nazil etdi: “Allah bilir ki, siz orucluq gecələrində zövcələrinizlə yaxınlıq etməklə özünüzə xəyanət edir-siniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı”. (Yəni əl-Buxarinin “Səhih” əsərində “Təfsir” fəslində (8/136, “Fəthul-Bari”), (Əhməd Şakir). əl-Buxari, 1782, 1915). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ramazan ayında İşa namazını qıldıqdan sonra müsəlmanlara növbəti günü axşam düşənədək qadınla əlaqədə olmaq və yemək-içmək qadağan idi. Bəzi insanlar Ramazan ayında İşa namazından sonra yemək yeyib, qadınları ilə cinsi əlaqədə olurdular. Onlardan biri də Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) olmuşdur. Onlar bu çətinlikdən Peyğəmbərə ﷺ şikayət etdilər. Uca Allah da bu ayəni nazil etdi: “Allah bilir ki, siz orucluq gecələrində zövcələrinizlə yaxınlıq etməklə özünüzə xəyanət edirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın”. (ət-Tabəri (2940) və İbn əl-Munzir rəvayət etmişlər. Necə ki “əd-Durrul-Mənsur” kitabında (1/197) qeyd olunmuşdur. (Əhməd Şakir). Səid ibn Əbu Arubə demişdir: “Qeys ibn Sad Əta ibn Əbu Rabəhdən rəvayət edir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Uca Allahın “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın” sözü barəsində demişdir: “Bu ayə nazil olmamışdan əvvəl müsəlmanlar günün son namazı olan İşa namazını qıldıqdan sonra növbəti gün orucu açana qədər yemək-içmək və qadınlarla yaxınlıq etmək onlara qadağan idi. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) İşadan sonra qadını ilə yaxınlıq etmişdi. Sirmə ibn Qeys əl-Ənsari isə Məğrib namazından sonra yuxuya getmişdi. Yemək yemədən yatmışdı. O oyananda Peyğəmbər ﷺ artıq İşa namazını qıldırmışdı. Sirmə oyandıqdan sonra yeyib-içdi. Səhər açıldıqda Peyğəmbərin ﷺ yanına gəldi və bu barədə ona xəbər verdi. Uca Allah bu zaman “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi” ayəsini nazil etdi. Ayədə keçən الرَّفَثُ  [ər-rafəs] sözü qadınlarla cinsi əlaqə deməkdir. “Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız”, yəni İşa namazından sonra onlarla yeyib-içir və yaxınlıq edirsiniz. “Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın”, yəni cinsi əlaqədə olun, “və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın”, yəni övlad nəzərdə tutulur. “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın”. Bu, Uca Allah tərəfindən bir bağışlanma və rəhmət idi”. (Bu hədis İbn Kəsirin təfsirində mənbə qeyd olunmadan sabit olmuşdur. Hədisin Səid ibn Əbu Arubadan Əbu Hureyraya kimi isnadı səhihdir. İbn Kəsirin kitabındakı dəstxətindən belə görünür ki, hədisi ət-Tabəri rəvayət etmişdir. Lakin hədisi ət-Tabərinin təfsirində bu yerdə tapa bilmədim. Ola bilsin, başqa ayənin təfsirində qeyd etmişdir və ya kitabı köçürənlər tərəfindən yazılmayıb. Bu hədisi ət-Tabərinin rəvayət etməsi ehtimalını gücləndirən səbəblərdən biri də budur ki, əs-Suyuti hədisi “əd-Durrul-Mənsur” kitabında (1/197) qeyd etmişdir və yalnız ət-Tabəriyə nisbət etmişdir (Əhməd Şakir). ət-Tabəri, 2943). Həmçinin Mucahid, Əta, İkrimə, əs-Suddi, Qatədə və başqalarından da belə rəvayət edilir ki, bu ayənin enmə səbəbi Ömər ibn əl-Xattab, onun kimi edənlər və Sirmə ibn Qeys olmuşdur. Onlar sayəsində Uca Allah möminlərə rəhmət, rüsxət və şəfqət olaraq Ramazanın bütün gecələrində qadınlarla cinsi əlaqədə olmağı və yeyib-içməyi halal etdi.
Uca Allah buyurur: “Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın”. Əbu Hureyra, İbn Abbas, Ənəs ibn Malik (Allah onlardan razı olsun) və başqaları bu ayədə övlad nəzərdə tutulduğunu demişlər. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm isə bununla cinsi əlaqə nəzərdə tutulduğunu demişdir.
Uca Allah buyurur: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın”. Uca Allah oruc tutana, yuxarıda deyildiyi kimi, cinsi əlaqədə olmağı və yeyib-içməyi Ramazanın istənilən gecəsində səhərin şəfəqi gecənin qaranlığından ayrılana qədər halal etmişdir. Uca Allah ayədə səhərin şəfəqini ağ sapla, gecənin qaranlığını isə qara sapla ifadə etmişdir. Bu ifadədəki anlaşılmazlığı aradan qaldırmaq üçün isə “Dan yeri söküləndə” sözünü işlətmişdir. Necə ki əl-Buxarinin rəvayət etdiyi hədisdə Səhl ibn Səd (Allah ondan razı olsun) demişdir: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için...” ayəsi nazil olanda “Dan yeri söküləndə” ifadəsi hələ nazil olmamışdı. Səhabələrdən bəziləri oruc tutmaq istədikdə ayaqlarına ağ və qara sap bağlayar, onların rəngi aydın seçilənə qədər yeyib-içərdilər. Odur ki Uca Allah: “Dan yeri söküləndə” ayəsini nazil etdi. Bundan sonra onlar başa düşdülər ki, Uca Allah ayədə ağ və qara sap dedikdə gündüz və gecəni qəsd edir”. (əl-Buxari (8/137, “Fəthul-Bari”) və ət-Tabəri (2990) rəvayət etmişlər. Hədisin təxricini orada vermişik. (Əhməd Şakir). əl-Buxari, 1784, 1917).
İmam Əhməd Adiy ibn Hatimin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Ağ sap qara sapdan seçilənə qədər yeyin-için” ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yastığımın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bilmədim. Səhəri gün Peyğəmbərin ﷺ yanına gəlib nə etdiyimi ona xəbər verdim. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun - mənə) dedi: “Elə isə sənin yastığın (səhərin şəfəqini və gecənin qaranlığını əhatə etdiyi üçün) çox genişdir. Əslində, bu, gecənin qaranlığı və gündüzün aydınlığıdır”. (əl-Buxari, 1783, 1916; Muslim, 1824). Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (“əl-Musnəd” (4/377, Hələb nəşri), (Əhməd Şakir). Peyğəmbərin ﷺ “Elə isə sənin yastığın çox genişdir” sözünün mənası budur ki, əgər Allahın bu ayədə ağ sap və qara sap deməklə nəzərdə tutduğu səhərin şəfəqi və gecənin qaranlığı sənin yastığının altına yerləşirsə, deməli, sənin yastığın çox genişdir. Belə ki gündoğanla günbatanı əhatə etmişdir. Hədisin bəzi rəvayətlərində “Elə isə sənin yastığın çox genişdir” ifadəsinin əvəzinə “Elə isə sənin başın çox enli olmalıdır” ifadəsi gəlmişdir. Bəzi alimlər Peyğəmbərin ﷺ bu ifadəsini ona sadəlövh olduğunu bildirməsi kimi şərh etmişlər. Lakin bu rəy zəifdir. Əksinə, bu ifadənin mənası da əvvəlkinə qayıdır, çünki əgər onun yastığı genişdirsə, deməli, başı da geniş olmalıdır. Ən doğrusunu Allah bilir!
Uca Allahın sübh vaxtı dan yeri sökülənə qədər yeyib-içməyə icazə verməsi səhur yeməyinin (Oruc tutan müsəlmanın səhər dan yeri sökülməmişdən əvvəl yediyi yeməyə səhur yeməyi deyilir) müstəhəb (bəyənilən) olduğuna dəlilidir. Çünki səhur yeməyi Allahın qoyduğu rüsxətdir və bu rüsxətə əməl etmək Allahın sevdiyi əməllərdəndir. Bu səbəbdən hədislərdə Peyğəmbərin ﷺ səhur yeməyinə rəğbətləndirməsi sabit olmuşdur. əl-Buxari və Muslim “Səhih” əsərlərində Ənəs ibn Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət edirlər: “Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var”. (əl-Buxari, 1789, 1923; Muslim, 1835, 2603). Muslimin “Səhih” əsərində Amr ibn əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Bizim orucumuzla Kitab əhlinin tutduğu orucu ayıran xüsusiyyət səhur yeməyidir”. (Muslim, 1836, 2604). İmam Əhməd Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Səhur yeməyi bərəkətdir, biriniz bir qurtum su ilə olsa belə, onu tərk etməsin! Çünki Allah və Onun mələkləri səhur yeməyi yeyənlərə xeyir-dua edirlər”. (Əhməd, 11101, 11414; İbn Hibban, 3467. Hədis “həsən”dir. Bax: “Səhih əl-Cami”, 1844, 3683. Əhməd Şakir demişdir: ““əl-Musnəd” (11102), “Məcməuz-Zavaid” (3/150), “ət-Tərğib vət-Tərhib” (2/94) və demişdir: “İsnadı güclüdür”).
Bir içim su ilə olsa belə, səhur etməyə rəğbətləndirən bir çox hədislər varid olmuşdur. Çünki bu əməl səhur yeməyi yeyənlərin əməlinə bənzəyir. Səhuru dan yeri sökülənə yaxın vaxta qədər gecikdirmək müstəhəbdir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ənəs ibn Malik Zeyd ibn Sabitin (Allah onlardan razı olsun) belə dediyini rəvayət edir: “Biz Peyğəmbərlə ﷺ birlikdə səhur yeməyini yedik. (Yeməkdən) sonra Peyğəmbər ﷺ namaza durdu”. (Ənəs) soruşdu: “Azanla səhur yeməyi arasından nə qədər vaxt keçmişdi?” (Zeyd) dedi: “(Həmin vaxt ərzində) əlli ayə oxumaq olardı”. (əl-Buxari, 1787, 1921). Bir çox hədislərdə varid olmuşdur ki, Peyğəmbər ﷺ səhuru “Mübarək qida” adlandırmışdır. İmam Əhməd, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər ki, Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ səhur etdik. Həmin vaxt hava açılmışdı, lakin günəş hələ çıxmamışdı”. (Əhməd, 23448; ən-Nəsəi “Sunən” 2123, 2152; İbn Məcə, 1695. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 4/34). ən-Nəsəi demişdir: “Bu hədisi yalnız Asim ibn Əbu ən-Nəcud rəvayət etmişdir”. Sonra bildirmişdir ki, burada sübhün yaxınlaşması nəzərdə tutulur. Necə ki Uca Allah buyurur: “Gözləmə vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın”, yəni gözləmə vaxtının bitməsi yaxınlaşdıqda ya onları şəriətə müvafiq qaydada saxlayın, ya da onlardan müvafiq qaydada ayrılın. Hədisi ən-Nəsəinin dediyi şəkildə şərh etmək lazımdır. Səhabələr Peyğəmbərlə ﷺ səhur etdikləri vaxt bəziləri dan yerinin söküldüyünü zənn etmiş, bəziləri isə bunun fərqinə varmamışlar. Sələf alimlərinin bir çoxundan rəvayət olunur ki, onlar səhurun dan yeri sökülənə qədər gecikdirilməsinə icazə vermişlər. Necə ki buna bənzər rəvayətlər Əbu Bəkr, Ömər, Əli, İbn Məsud, Huzeyfə, Əbu Hureyra, İbn Ömər, İbn Abbas, Zeyd ibn Sabit (Allah onlardan razı olsun) və bir çox tabiinlərdən nəql edilmişdir.
İbn Cərir təfsir kitabında bəzilərinin belə dediyini rəvayət edir: “Orucu açmaq günəşin batması ilə icazəli olduğu kimi, səhur yeməyini saxlamaq da günəşin doğması ilə vacib olur”. Mən deyirəm: “Elm əhlindən hər hansı bir kəsin bu fikri dəstəklədiyini zənn etmirəm, çünki bu fikir Quran ayəsinə ziddir. Uca Allah buyurur: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın”.
əl-Buxarı və Muslimin “Səhih” əsərlərində Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət olunur: “Bilalın azan oxuması sizə səhur yeməyinizi yeməyə mane olmasın! Çünki o, gecə vaxtı azan verir. İbn Ummu Məktumun azanını eşidənə qədər yeyin-için! Çünki o, dan yeri söküləndə azan verir”. (əl-Buxari, 1785, 1919). Bu mətn əl-Buxariyə aiddir. ət-Tabəri Səmuradan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Bilalın azan oxuması və üfüqdə uzanan ağ xətt sizə səhur yeməyinizi yeməyə mane olmasın! Bütün üfüq boyu yayılan şəfəqi görənə qədər yeyin-için”. (ət-Tirmizi, 706. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 681). Hədisi Muslim rəvayət etmişdir. (Bax: ət-Tabəri (2990) və orada yazdıqlarımıza nəzər yetir. Muslimin “Səhih” əsəri (1/302), (Əhməd Şakir).
İbn Cərir ət-Tabəri İbn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Bilalın azan oxuması və ya namaza səsləməsi sizə səhur yeməyinizi yeməyə mane olmasın. Çünki Bilal yatanlarınızı oyatmaq və ya oyaq olanlarınızı xəbərdar etmək üçün azan verir və ya səsləyir. Dan yerinin sökülməsi (əli ilə göstərərək) belə-belə olması deyildir. Dan yerinin sökülməsi belə-belə olmasıdır (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - bununla dan yerinin üfüq boyu necə söküldüyünü göstərmək istəmişdir)”. (Bu hədisi İbn Kəsir ət-Tabəridən iki sənədlə nəql etmişdir. Lakin ət-Tabərinin əlyazmasında və çap olunmuş nüsxəsində bu düşmüşdür. Hədis səhihdir. Hədisi həmçinin Muslim “Səhih” əsərində (1/301-302) rəvayət etmişdir. (Əhməd Şakir).
 
Önəmli bir məsələ
 
Uca Allahın oruc tutmaq istəyən üçün dan yerinin sökülməsini cinsi əlaqə və yeyib-içməyə sərhəd müəyyən etməsi dəlildir ki, səhərə cənabət halında (cinsi əlaqədən və ya yuxuda ikən məni ifraz olduqdan sonra qüsl etmədən) çıxan adam qüsl edib orucunu davam etdirə bilər və bunda heç bir qəbahət yoxdur. Dörd imamın (Əbu Hənifə, Malik, əş-Şafii və Əhməd ibn Hənbəl) və olub-keçmiş alimlərin rəyi budur. əl-Buxari və Muslim rəvayət etmişlər ki, Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) demişlər: “Peyğəmbər ﷺ dan yeri söküləndə cənabət halında yuxudan oyanıb qüsl edər və orucunu tutardı. Peyğəmbər ﷺ ailəsi ilə yaxınlıq etdiyi üçün cənabətli olardı, yuxuda ikən cənabət halına düşməzdi”. (əl-Buxari, 1791, 1926). Ummu Sələmənin (Allah ondan razı olsun) hədisinin davamında “Sonra nə orucunu pozar, nə də qəza edərdi”, – deyilir. (Muslim, 1866, 2647). Muslimin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Mən cunub ikən Sübh namazının vaxtı girir, bu halda oruc tutummu?” Peyğəmbər ﷺ dedi: “Mən də cunub ikən namaz vaxtı gəlib çatır və orucumu tuturam”. Kişi dedi: “Ey Allahın Elçisi! Sən bizim kimi deyilsən. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır”. Peyğəmbər ﷺ dedi: “Allaha and olsun ki, aranızda Allahdan ən çox qorxanınız və nədən qorxulacağını ən yaxşı biləniniz mənəm”. (Muslim, 1868, 2649). İmam Əhmədin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Sizlərdən biriniz cunub olduğu halda, Sübh namazına azan verilərsə, o gün oruc tutmasın”. (Əhməd, 8130, 8145. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir. ) Bu hədisin isnadı əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir. əl-Buxari və Muslimdə bu hədis Əbu Hureyra və Fadl ibn Abbas (Allah onlardan razı olsun) vasitəsilə Peyğəmbərdən ﷺ rəvayət edilmişdir. ən-Nəsəinin “Sunən” əsərində bu hədis Usamə ibn Zeyd və Fadl ibn Abbasdan Peyğəmbərə ﷺ nisbət edilmədən rəvayət edilmişdir. Bu baxımdan bəzi alimlər bu hədisdə “illət” (hədisin mötəbər olmasında naqislik gətirən səbəb) olduğunu bildirmişlər. Bəziləri isə hədisin mətnindəki rəyi (cənabət halında səhərə çıxanın orucu açmasını) söyləmişlər. Bu rəy Əbu Hureyra, Səlim və digərlərindən nəql edilir. Bəzi alimlər isə Əbu Hureyranın (Allah ondan razı olsun) hədisində cənabət halda səhərə çıxanın orucunun kamil olmadığının nəzərdə tutulduğunu demişlər. Çünki Aişə və Ummu Sələmənin (Allah onlardan razı olsun) rəvayət etdikləri hədis bunun icazəli olduğunu göstərir. Bu rəy qeyd olunan rəylərdən haqqa ən yaxın olanı və bütün rəyləri cəm edən bir görüşdür. Ən doğrusunu isə Allah bilir.
Uca Allahın “Sonra gecəyədək orucunuzu tamamlayın” sözü şəri bir hökm olaraq orucun günəşin batdığı vaxt açılmasını zəruri edir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edilir: “Gecənin bu istiqamətdən gəldiyini, gündüzün isə bu istiqamətdən getdiyini gördüyünüz zaman (bilin ki,) artıq oruc tutan adam orucunu açmalıdır”. (əl-Buxari, 1818, 1954). Səhl ibn Sad əl-Saidi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “İnsanlar oruclarını erkən açacaqları müddət ərzində xeyir içində olacaqlar”. (əl-Buxari, 1821, 1957). Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər.
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Uca Allah buyurur: “Qullarımdan mənə ən sevimli olanları orucunu vaxtı çatan kimi açanlardır”. (ət-Tirmizi, 700, 704. Hədis zəifdir. Bax: Daif əl-Cami, 4041). Hədisi ət-Tirmizi rəvayət etmişdir və “Bu hədis “həsən-ğarib”dir”, – demişdir.
Əhməd həmçinin rəvayət edir ki, Bəşir ibn əl-Xasasiyyənin zövcəsi Leyla (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən ard-arda iki gün iftar etmədən oruc tutmaq istədim. Bəşir bunu mənə qadağan etdi və dedi: “Peyğəmbər ﷺ bu cür orucu qadağan etmiş və demişdir: “Bu, xaçpərəstlərin etdiyi əməldir. Siz Allahın sizə əmr etdiyi kimi oruc tutun və orucunuzu gecəyə qədər tamamlayın. Gecə olduqda isə orucunuzu açın”. (Bəşir ibn əl-Xasasiyyə - Bəşir ibn Məbəddir. Atasının adı barədə başqa rəylər də var. əl-Xasasiyyə onun babalarından biri olmuşdur və Bəşir ona nisbət olunmuşdur. Bu səbəbdən ابن “İbn” sözü burada əliflə yazılmışdır (əslində, ata və oğul arasında gəlirsə, əlif düşməli idi).
Hədis “əl-Musnəd” (5/225, Hələb nəşri) əsərindədir. əl-Heysəmi bu hədisi “əz-Zavaid” kitabında (3/158) qeyd etmişdir. Sonra demişdir: “Hədisi Əhməd və ət-Tabərani “əl-Kəbir” əsərində rəvayət etmişlər. Leylanın kim olduğunu qeyd edəni tapmadım. Hədisin yerdə qalan raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. Leyla tanınmış səhabə qadındır. Onun tərcümeyi-halı “ət-Təhzib” və “əl-İsabə” əsərlərində “Cəhdəmə” adı altında qeyd edilmişdir. Onun əsl adı belə olmuşdur. Deyilənə görə, Peyğəmbər onun adını dəyişmiş və Leyla qoymuşdur. Doğru olan budur ki, o, səhabə qadındır. Bu səbəbdən İbn Həcər bu hədisi “Fəthul-Bari” kitabında (4/176) İbn Əbu Hatimin rəvayəti ilə qeyd etmişdir və demişdir: “Hədisi Əhməd, ət-Tabərani, Səid ibn Mənsur, Abd ibn Humeyd və İbn Əbu Hatim təfsir kitablarında rəvayət etmişlər. Hədisin isnadı səhihdir”. Hədisin “orucunuzu gecəyə qədər tamamlayın” hissəsi ayə deyil, hədisin mətnidir. Bu, “əl-Əzhəriyyə” əlyazmasında, “əl-Musnəd” və “əz-Zavaid” əsərlərində sabit olmuşdur. Kitabın çap olunmuş nüsxəsində isə “orucunuzu gecəyə qədər tamamlayın” hissəsi ayə kimi qeyd olunub. Yəqin, bu, kitabı nüsxələyənlərin və ya kitabı çap edənlərin öz işidir (Əhməd Şakir). Əhməd, 22005, 22301. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
Bu səbəbdən səhih hədislərdə “visal” orucu qadağan edilmişdir. “Visal” orucu axşam yemək yemədən (iftar açmadan) davamlı bir neçə gün ardıcıl tutulan oruca deyilir. Necə ki İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “(Orucu pozmadan bir neçə gün) ardıcıl oruc tutmayın!” Səhabələr dedilər: “Axı sən özün ardıcıl oruc tutursan, ey Allahın Elçisi?!” Peyğəmbər ﷺ buyurdu: “Hansınız mənim kimi ola bilərsiz?! Gecələr yeməyi və içməyi mənə Rəbbim verir (Mən güc və qüvvəti Rəbbimdən alıram)”. (Bəziləri) ardıcıl oruc tutacaqlarına israr etdikdə Peyğəmbər ﷺ onlarla birlikdə iki gün ardıcıl oruc tutdu, sonra onlar (şəvvalın) hilalını gördülər. Peyğəmbər ﷺ dedi: “Əgər hilal gec görünsəydi, mən sizi əlavə oruc tutmağa vadar edəcəkdim”. Belə etmək istəyirdi ki, inadkarlıq etdiklərinə görə onları cəzalandırsın”. (Əhməd, 7773, 7786. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Bu hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər. əl-Buxari və Muslim Ənəs, İbn Ömər və Aişədən (Allah onlardan razı olsun) də “visal” orucunu qadağan edən hədislər rəvayət etmişlər. Orucu birləşdirərək tutmağın qadağan olunması bir çox hədislərdə qeyd olunmuşdur. Həmçinin bunun yalnız Peyğəmbərə ﷺ xas olan bir əməl olduğu da bildirilmişdir. Bu orucu tutmaq üçün Allah ona yardım edirdi və onun buna gücü çatırdı. Ən doğrusu budur ki, Allahın Peyğəmbərini ﷺ yedirdib-içirtməsi maddi deyil, mənəvi olmuşdur. Çünki əgər maddi olsaydı, o zaman bu, orucu birləşdirmək sayılmazdı.
Lakin günəş batdıqdan sonra orucunu açmayıb, gecənin son üçdəbirinə qədər davam etdirmək istəyən bunu edə bilər. Necə ki Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “(Orucu pozmadan bir neçə gün) ardıcıl oruc tutmayın! Hansı biriniz orucunu pozmadan onun vaxtını uzatmaq istəyirsə, qoy dan yeri sökülənədək orucunu davam etsin”. Səhabələr dedilər: “Axı sən özün ardıcıl oruc tutursan, ey Allahın Elçisi?!” Peyğəmbər ﷺ buyurdu: “Mən sizin kimi deyiləm. Mən yatdığım zaman məni yedirdən və içirdən (Rəbbim) vardır”. (əl-Buxari, 1831, 1967). Bu hədisi də əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər. (əl-Buxari (4/177, “Fəthul-Bari”). Hədisi həmçinin Əhməd “əl-Musnəd” (11070, 11845) əsərində, ət-Tabəri (3034) rəvayət etmişlər. əl-Hafiz burada səhv edərək hədisi əl-Buxari və Muslimə nisbət etmişdir. Bu hədisi, şübhəsiz, yalnız əl-Buxari rəvayət etmişdir. Bunu əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərinin (4/217) “Oruc” fəslinin sonunda bildirmişdir. (Əhməd Şakir). İmam Əhməd Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Peyğəmbər ﷺ gecənin son üçdəbirindən növbəti gecənin son üçdəbirinə qədər orucunu davam edərdi”. (“əl-Musnəd” (1194). Hədisin isnadı zəifdir. Çünki sənədində zəif ravi – Abdul-Əla ibn Amir əs-Sələbi vardır. (Əhməd Şakir). İbn Cərir Abdullah ibn Zubeyrdən və başqa sələflərdən rəvayət edir ki, səhabələr yalnız müəyyən günlər orucu birləşdirərdilər. Bunu ibadət məqsədi ilə deyil, nəfslərini oruca öyrəşdirmək üçün edirdilər. Ən doğrusunu Allah bilir. Ola bilsin ki, səhabələr Peyğəmbərin ﷺ bunu şəfqət və məsləhət olaraq qadağan etdiyini başa düşmüşdülər. İbn Zubeyr, onun oğlu Amir və onların yolu ilə gedənlər özlərində güc tapdıqları üçün bu çətinliyə qatlanıb “visal” orucunu tuturdular. Nəql edilir ki, onlar “visal” orucunu açdıqda yemək bağırsaqlarını zədələməsin deyə əvvəl yağ və sabur (aloye) bitkisi ilə iftar edərdilər. İbn Zubeyrdən (Allah ondan razı olsun) rəvayət edilir ki, o yeddi gün ard-arda oruc tutar və yeddinci günü ən güclü və ən möhkəm olaraq qalxarmış.
Uca Allah buyurur: “Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə Ramazan ayında və ya digər aylarda məsciddə etikafa girən (ibadət məqsədilə məsciddə qalan) kəslərə aiddir. Uca Allah etikafa girənlərə etikaf müddəti bitənə qədər gecə və ya gündüz qadınlarla yaxınlıq etməyi (cinsi əlaqədə olmağı) qadağan etmişdir”. Etikafa girənə, məsciddə etikafda olduğu müddətdə qadınlarla yaxınlıq etməyin qadağan olması alimlər arasında yekdil rəydir. Əgər yemək, ayaqyoluna getmək və s. bu kimi zəruri ehtiyac səbəbindən evinə gedərsə, evində yalnız ehtiyacını ödəyəcək qədər qala bilər. Bundan artıq qalması halal deyil. Arvadını öpüb, qucaqlaya bilməz. Etikafdan başqa bir işlə məşğul ola bilməz. Həmçinin xəstə ziyarətinə gedə bilməz. Lakin yolüstü xəstə barədə maraqlana bilər. Fiqh elmində kitab yazan alimlər Əzəmətli Qurana uyğun olaraq kitablarında “Oruc” bölümünün ardından “Etikaf” bölümünü qeyd edirlər. Çünki Quran da orucu zikr etdikdən sonra etikaf barədə məsələləri qeyd etmişdir.
Uca Allahın orucdan sonra etikafı zikr etməsi, ya qullarını oruclu ikən etikaf etməyə yönəltməsi üçün, ya da Ramazan ayının sonunu etikafda keçirməyə təşviq etməsi üçündür. Necə ki sünnədə (hədislərdə) sabit olmuşdur ki, Peyğəmbər ﷺ Ramazan ayının son on günündə etiqafa girərdi və o bu əməli Qüdrətli və Uca Allah onun canını alana qədər davam etdirmişdir. Peyğəmbər ﷺ vəfat etdikdən sonra həyat yoldaşları da eyni şəkildə etikafa girmişlər. (əl-Buxari, 1886, 2026). Bu barədə əl-Buxari və Muslimin “Səhih” əsərlərində möminlərin anası Aişədən (Allah ondan razı olsun) hədis rəvayət edilmişdir.
əl-Buxari və Muslim eyniadlı “Səhih” əsərlərində Peyğəmbərin ﷺ zövcəsi Safiyyədən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun - Ramazanın axır on günündə) məsciddə etikaf edərkən zövcəsi Safiyyə ona baş çəkərdi. Bir dəfə onunla bir müddət söhbət etdikdən sonra çıxıb getmək istədikdə gecə olduğu üçün Peyğəmbər ﷺ ayağa qalxıb onu evinədək ötürmək istədi. Onun evi Mədinənin kənarında Usamə ibn Zeydin evinə yaxın idi. Onlar yolda ikən ənsardan olan iki nəfər gəlib onların yanından keçdi. Onlar Peyğəmbəri ﷺ gördükdə yerişlərini sürətləndirdilər. Başqa bir rəvayətdə “Peyğəmbəri ﷺ gördükdə zövcəsi ilə birlikdə olduğu üçün ondan həya edərək gizləndilər”. Peyğəmbər ﷺ onlara: “Dayanın, bu, Safiyyə bint Huyeydir!”- dedi. Yəni tələsməyin, bilin ki, bu mənim zövcəm Safiyyə bint Huyeydir. Onlar: “Subhən-Allah, ya Rəsulullah! (Onlar bu ifadə ilə pis zənnə qapılmadıqlarını bildirdilər)”– dedilər. Onda Peyğəmbər ﷺ dedi: “Həqiqətən də, şeytan insanın bədənində qan dövran etdiyi kimi dövran edir. Mən onun sizin qəlbinizə (pis) bir şey – başqa bir rəvayətdə “bir şər” salacağından ehtiyat etdim”. (əl-Buxari, 1894, 2035). əş-Şafii demişdir: “Peyğəmbər ﷺ bununla ümmətinə töhmətə səbəb olacaq şübhələri dərhal, yerindəcə uzaqlaşdırmağın lazım olduğunu öyrətmişdir ki, xoşagəlməyən hadisələrlə üzləşməsinlər. Halbuki o iki şəxs Peyğəmbər ﷺ barədə pis zənn etməkdən ən çox çəkinən, Allahdan qorxan kəslər idi. Ən yaxşısını Allah bilir”.
Ayədə “yaxınlıq etməyin” dedikdə cinsi əlaqə və cinsi əlaqəyə aparan öpmək, qucaqlamaq və sair bu kimi əməllər nəzərdə tutulur. Lakin qadına bir şeyi vermək və ya götürmək kimi əməllərə gəlincə, belə əməllərdə qəbahət yoxdur. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Peyğəmbər ﷺ məsciddə (etikaf edərkən) başını mənim (hücrəmə) daxil edər və mən də heyzli halda onun saçlarını darayardım. O, etikaf edərkən zəruri bir ehtiyacı olmadığı təqdirdə əsla evə gəlməzdi”. Aişə həmçinin demişdir: “Bəzən bir evdə xəstə olardı. Mən (etikafda olarkən) ancaq yolüstü keçərkən onun halı barədə soruşardım”. (əl-Buxari, 1888-1889, 2028-2029).
“Bunlar Allahın qoyduğu hüdudlardır”, yəni sizə açıqladığımız, vacib buyurduğumuz və təyin etdiyimiz orucla əlaqəli ehkamlar, bu mövzuda qoyduğumuz halal və haramlar, orucla əlaqəli qeyd etdiyimiz hikmətlər, rüsxət və qəti qərarlar Allahın hüdudlarıdır. Allahın hüdudları isə Allahın şəxsən Özünün şəriət olaraq qoyduğu və bəyan etdiyi qanunlardır. “Onlara yaxınlaşmayın!”- yəni bu hədləri aşmayın, keçməyin; “Allah Öz ayələrini insanlara belə bəyan edir”, yəni Allah orucu, onun ehkamlarını, qaydalarını və təfsilatını bəyan etdiyi kimi, digər şəriət hökmlərini də qulu və elçisi Muhəmmədin ﷺ dili ilə “insanlara belə bəyan edir ki, bəlkə, Ondan qorxalar”. Yəni doğru yolu tapmağı və Allaha necə itaət etməyi öyrənsinlər. Necə ki Uca Allah buyurur: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (“əl-Hədid”, 9).
əl-Bəqərə, 188
وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنْتُمْ تَعْلَمُونَ
188. Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə borclu olub, lakin borclu olduğuna dair heç bir sübut və dəlil olmayan və bu vəziyyətdən istifadə edib borcunu inkar edərək hakimlərə müraciət edən kəsə aiddir. Halbuki o haqlı olmadığını, etdiyi bu əməllə günah qazandığını və haram yediyini bilir. Mucahid, Səid ibn Cubeyr, İkrimə və digərlərinin isə belə dedikləri rəvayət edilir: “Zalım olduğunu bildiyin halda şikayətçi olma”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ummu Sələmədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Mən, sadəcə, bir insanam. Hərçənd mübahisələri düşmüş insanlar (mübahisələrini çözmək üçün) mənim yanıma gəlirlər, lakin olur ki, biriniz digərinizdən daha bəlağətlə danışır və mən də onun doğru danışdığını hesab edirəm. Bu səbəbdən də hökmü onun lehinə çıxarıram. Əgər mən (səhvən) bir müsəlmanın haqqını başqa birisinə verirəmsə, əslində, mən ona Cəhənnəm odundan bir parça vermiş oluram. (Bundan sonra isə özü bilər,) istər onu götürsün, istərsə də tərk etsin”. (Hədisin “Bu səbəbdən də hökmü onun lehinə çıxarıram” cümləsi “əl-Əzhəriyyə” əlyazmasında yoxdur. Lakin bu cümlə hədisin rəvayətlərində sabitdir. İbn Kəsirin burada gətirdiyi hədis Muslimin rəvayətlərindən birinə yaxındır (2/40). Bu hədisi olduğu kimi digər rəvayətlərdə tapa bilmədim. Buna oxşar hədis əl-Buxaridə gəlmişdir (5/77, 12/299-300, 13/139, 151, 156). Ola bilsin, digər yerlərdədir. (Əhməd Şakir). əl-Buxari, 2278, 2458).
Bu ayə və bu hədis göstərir ki, hakimin hökmü, əslində, heç bir şeyi dəyişdirmir. Belə ki hakim haram olan bir şeyi haram olduğu halda halal etmir. Halal olan bir şeyi də halal olduğu halda haram etmir. Hakim yalnız məsələnin zahirinə görə hökm verir. Əgər verdiyi hökm həqiqətlə üst-üstə düşərsə, hökm doğru olar (və hakim buna görə iki savab qazanar). Əks halda isə hakim verdiyi hökmə görə bir savab qazanar. Hiylə işlədərək məsələni xeyrinə həll edən isə günah qazanar. Bu səbəbdən Uca Allah buyurur: “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın”, yəni iddianızın batil olduğunu bilə-bilə sözünüzlə haqlı olduğunuzu göstərməyə çalışırsınız. Qatədə demişdir: “Ey Adəm oğlu! Yaxşı bil ki, hakimin hökmü sənə haramı halal etməz, haqsız olduğun bir işdə səni haqlı çıxarmaz. Hakim yalnız gördüyünə və şahidlərin şahidliyinə görə hökm verər. Hakim bəşərdir. Yanıla da bilər, doğru qərar çıxara da bilər. Yaxşı bilin ki, kimə haqsız olduğu bir məsələdə xeyrinə hökm verilmişsə, onun mübahisəsi hələ başa çatmamışdır. Allah Qiyamət günü onları görüşdürəcək və dünyada haqsız olanın lehinə, haqlı olanın isə əleyhinə verilmiş hökmdən daha doğru olan hökmü haqsız olanın əleyhinə, haqlı olanın isə lehinə verəcək”.
əl-Bəqərə, 189
يَسْأَلُونَكَ عَنِ الْأَهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوا الْبُيُوتَ مِنْ ظُهُورِهَا وَلَكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
189. Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.

 
Uca Allahın “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir” sözü barədə Əbul-Aliyə demişdir: “Allah yeni doğulan ayları müsəlmanların oruc və iftarı, qadınların iddəsi (boşanmış, ayrılmış və əri ölmüş qadınların gözləmə müddəti) və borclarının ödəmə müddətinın bilinməsi üçün yaratmışdır”. Əta, əd-Dahhək, Qatədə və başqalarından da belə rəvayət edilir. Abdur-Razzəq Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allah yeni doğan ayları insanlar üçün vaxt ölçüsü etmişdir. Hilalı gördüyünüz zaman oruc tutun və hilalı gördüyünüz zaman orucu açın. Hava buludlu olduğu zaman hilalı görməsəniz, (Şaban ayındakı) günlərin sayını otuza çatdırın”. (əl-Buxari, 1767, 1900).
Uca Allah buyurur: “Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun!” əl-Buxari rəvayət edir ki, Bəra (Allah ondan razı olsun) belə demişdir: “Ərəblər cahiliyyə dövründə həcc və ya ümrə üçün ehrama girdikdə (ziyarətdən qayıtdıqdan sonra) evlərinə arxa tərəfdən girərdilər. Bu səbəbdən Uca Allah “Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun!” ayəsini nazil etdi”. (əl-Buxari, 1676, 1803, 4512; Muslim, 5351; ət-Təyalisi, 752). Əbu Davud əl-Tayəlisi buna oxşar bir hədis rəvayət etmişdir. (əl-Buxari (8/137), ət-Tayəlisi (717), ət-Tabəri (3075, 3076), (Əhməd Şakir).
Cabirin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Vaxtilə qureyşlilər əhməsilər (dində möhkəm olanlar) adlanırdılar. Onlar həcc ziyarətindən sonra evlərinə qapıdan daxil olardılar. Ənsarlar və digər ərəblər isə, əksinə, həcc ziyarətindən qayıtdıqda evlərinə qapıdan daxil olmazdılar. Bir dəfə Peyğəmbər ﷺ bağda idi. O, qapıdan çıxdı və onunla bərabər Qutbə ibn Amir əl-Ənsari də çıxdı. Onda bəziləri dedilər: “Ey Allahın Elçisi! Həqiqətən, Qutbə ibn Amir tacirdir və o da səninlə qapıdan çıxdı”. Peyğəmbər ﷺ ondan: “Nə üçün belə etdin?” – deyə soruşdu. Qutbə dedi: “Sənin belə etdiyini gördüm və mən də belə etdim”. Peyğəmbər ﷺ dedi: “Axı mən əhməsiliyəm!” Qutbə dedi: “Həqiqətən, dinimiz birdir”. Uca Allah da bu ayəni nazil etdi: “Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun!” (əl-Hakim, 1777. əl-Hakim hədisin səhih olduğunu bildirmişdir). Bu hədisi İbn Əbu Hatim rəvayət etmişdir. (Hədisi həmçinin əl-Hakim “əl-Mustədrək” əsərində rəvayət etmişdir (1/483) və demişdir: “Hədis səhihdir, əl-Buxari və Muslimin şərtinə uyğundur, lakin rəvayət etməmişlər”. əz-Zəhəbi də bununla razılaşmışdır. İbn Həcər “əl-İsabə” kitabında (5/242) qeyd etmişdir ki, bu hədisi həmçinin İbn Xuzeymə “Səhih” əsərində rəvayət etmişdir. (Əhməd Şakir). Həmçinin Mucahid, əz-Zuhri, Qatədə və başqalarından da belə rəvayət edilmişdir.
Uca Allah buyurur: “Allahdan qorxun ki, bəlkə, nicat tapasınız”, yəni Allahdan qorxun və Allahın sizə əmr etdiklərini yerinə yetirin, qadağan etdiklərindən isə çəkinin! “Bəlkə, nicat tapasınız”. Sabah Allahın hüzurunda durduğunuz zaman nicat tapasınız və O da əməllərinizə görə mükafatınızı tam olaraq, ən mükəmməl şəkildə versin.
əl-Bəqərə, 190-193
وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ * وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاءُ الْكَافِرِينَ * فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ * وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ فَإِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ
190. Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.
191. Müşrikləri harada yaxalasanız, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidul-Haramın yanında vuruşmayınca siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
192. Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!
193. Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur.

 
Əbul-Aliyə Uca Allahın “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun” ayəsi barədə demişdir: “Mədinədə döyüş haqqında nazil olan ilk ayə budur. Bu ayə nazil olduqda Peyğəmbər ﷺ onunla döyüşənlərə qarşı döyüşər, onunla döyüşməkdən imtina edənlərlə isə döyüşməzdi. Nəhayət, Bəraət (“ət-Tövbə”) surəsi nazil oldu”. Lakin bu deyilənə yenidən nəzər yetirmək lazımdır, çünki Uca Allahın “Sizinlə vuruşanlara qarşı” sözü İslam və müsəlmanlarla düşmənçilik aparıb, onlarla döyüşmək niyyətində olanlara qarşı müsəlmanları qaldırmaq üçündür. Yəni, “onlar sizinlə necə döyüşürlərsə, siz də onlarla eləcə döyüşün”, – buyurmuşdur. Eynilə Uca Allahın bu ayəsi kimi: “Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun” (“ət-Tövbə”, 36). Bu ayədə isə “Müşrikləri harada yaxalasanız, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın!” – buyurur. Yəni necə ki onların hədəfi sizinlə döyüşməkdir, qoy sizin də hədəfiniz onlarla döyüşmək olsun. Onlar sizi olduğunuz yerdən çıxartdıqları kimi, qisas olaraq sizin də hədəfiniz onları ölkələrindən çıxarmaq olsun.
Uca Allah buyurur: “Həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir”, yəni Allah yolunda döyüşün, lakin bunda həddi aşmayın. Həsən əl-Basrinin dediyi kimi: “Bu qadağaya ölüləri eybəcər hala salmaq, qənimətə xəyanət etmək, uşaqları, qadınları, döyüşə qatılmamış yaşlıları, rahibləri və keşişləri öldürmək, gərəksiz yerə ağacları yandırıb, heyvanları məhv etmək kimi əməllər daxildir”. Necə ki İbn Abbas, Ömər ibn Abdul-Əziz, Muqatil ibn Həyyən və digərləri (Allah onlardan razı olsun) belə təfsir etmişlər. Muslimin “Səhih” əsərində Bureydədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ (ordunu döyüşə yola salanda) deyərdi: “Allah yolunda vuruşun! Allaha küfr edənlərə qarşı vuruşun! Cihad edin, lakin qənimətə xəyanət etməyin! Əhdi pozmayın, ölüləri eybəcər hala salmayın! Uşaqları öldürməyin!” (Muslim, 3261, 4619). Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ əsgərlərini döyüşə göndərdiyi zaman onlara belə deyərdi: “Allahın adı ilə çıxın! Allaha küfr edənlərə qarşı siz Allah yolunda vuruşun! Həddi aşmayın, qənimətə xəyanət etməyin! Uşaqları və məbəd keşişlərini öldürməyin!” (ət-Tabərani “Mucəmul-Kəbir” 11396; Əhməd, 2728. Şueyb əl-Arnavut həsən li-ğeyrihi olduğunu bildirmişdir). Bu hədisi İmam Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (2728), “Məcməuz-Zavaid” (5/316, 317), (Əhməd Şakir). Əbu Davudun da Ənəs ibn Malikdən (Allah ondan razı olsun) buna oxşar bir hədis rəvayəti var. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Peyğəmbərin ﷺ apardığı döyüşlərin birində bir qadın meyiti tapıldı. Elə bu səbəbdən də Peyğəmbər ﷺ qadınların və uşaqların öldürülməsini qadağan etdi”. (əl-Buxari, 2791, 3014; Muslim, 3279).
İmam Əhməd Huzeyfənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ bizə bir, üç, beş, yeddi, doqquz və on bir ədəd məsəl çəkmişdir. Peyğəmbər ﷺ bu məsəllərdən yalnız birini izah etdi, digərlərini isə tərk etdi. Peyğəmbər ﷺ dedi: “Bir qövm zəif və gücsüz idilər. Zalım və düşmən bir toplum onlarla döyüşdü. Allah zəif qövmə onların üzərində zəfər çaldırdı. Onlar düşmənlərindən istədikləri kimi istifadə etdilər və onlara rəhm etməyərək çətin işlərdə işlətdilər. Bununla da Uca Allahla qarşılaşacaqları günə qədər qəzəbə düçar oldular”. (Əhməd, 23509, 23855. Şueyb əl-Arnavut zəif olduğunu bildirmişdir). Bu hədisin isnadı həsəndir. (“əl-Musnəd” (5/407, Hələb nəşri), (Əhməd Şakir). Hədisdə nəzərdə tutulan məna budur ki, bu zəif qövm güclülərə qalib gəldikdə onlara qarşı həddi aşaraq onları layiq olmadıqları işlərdə işlətməyə başladılar. Bu həddi aşmalarına görə Allahın onlara qəzəbi tutdu. Bu mövzuda (həddi aşmağın qadağan olması barədə) hədislər və rəvayətlər olduqca çoxdur.
Cihad canların alınması və kişilərin öldürülməsindən ibarət olduğu üçün Uca Allah bildirir ki, kafirlərin Allaha şərik qoşaraq küfr etmələri və insanları Allah yolundan azdırmaları insan öldürməkdən daha betər, daha pis, daha ağır və daha böyük bəladır. Bu səbəbdən Allah buyurur: “Fitnə qətldən daha pisdir”. Əbul-Aliyə, Mucahid, Səid ibn Cubeyr, İkrimə və başqaları demişlər: “Allaha şərik qoşmaq adam öldürməkdən daha pisdir”.
Uca Allah buyurur: “Onlar sizinlə Məscidul-Haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Peyğəmbərin ﷺ belə dediyi varid olmuşdur: “Həqiqətən, Allah bu şəhəri (Məkkəni) yerləri və göyü yaratdığı gündən bəri haram etmişdir. Allahın haram etməsi ilə Qiyamət gününə qədər bu şəhər haram olaraq qalacaqdır. O ancaq bir günün bir saatında təkcə mənim üçün halal buyrulmuşdur. Bilin ki, bu andan etibarən o, Allahın haram etməsi ilə Qiyamət gününə qədər haramdır. (Elə buna görə də) Məkkədə tikan kəsilməməli, ağaca balta dəyməməlidir. Əgər kimsə Allahın Elçisinin ﷺ orada döyüşdüyünü əlində əsas tutaraq buna rüsxət versə, (ona): “Allah Öz elçisinə izin vermişdir, sizə isə izin verməmişdir”, – deyin”. (əl-Buxari, 101, 104). Bununla Peyğəmbər ﷺ Məkkənin fəthi günü Məkkə əhalisi ilə döyüşü nəzərdə tutmuşdur, çünki Məkkə döyüşlə fəth edilmişdir. Burada əl-Xandəmə (Məkkədə yerləşən bir dağ) yaxınlığında müşriklərdən bəziləri öldürülmüşdür. Bəzi alimlər isə Məkkənin sülhlə fəth edildiyini demişlər. Dəlil olaraq isə Peyğəmbərin ﷺ (Məkkəni fəth edərkən) dediyi bu sözü gətirmişlər: “Sülhlə evinə girib qapısını bağlayan əmin-amanlıq içindədir, məscidə girən əmin-amanlıq içindədir və Əbu Sufyanın evinə girən əmin-amanlıq içindədir”. (əl-Beyhəqi “Məarifətus-Sunən vəl-Əsər” 162; Əhməd, 7909; Əbu Davud, 3021-3022. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir. Bax: Fiqhus-Sira, 377).
Uca Allah buyurur: “Onlar sizinlə Məscidul-Haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir”. Uca Allah bu ayədə buyurur ki, kafirlərlə Məscidul-Haramın yanında döyüşməyin, lakin əgər onlar sizinlə döyüşməyə başlasalar, bu halda siz də hücumun qarşısını almaq üçün döyüşüb onları öldürə bilərsiniz. Necə ki Peyğəmbər ﷺ Hudeybiyyə sülhünü bağladıqdan sonra ağacın altında səhabələr ona beyət edərək (sadiqlik andı içərək) döyüşməyə söz verdilər. Çünki Qureyş qəbilələri və onlarla müttəfiq olan Səqif və əl-Əhəbiş qəbilələri həmin ili Peyğəmbərə ﷺ qarşı mübarizəyə qalxmağa hazırlaşırdılar. Lakin sonra Allah bu döyüşün qarşısını aldı və buyurdu: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir” (“əl-Fəth”, 24). Daha sonra buyurdu: “Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik” (“əl-Fəth”, 25).
Uca Allah buyurur: “Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!” – yəni əgər onlar Məscidul-Haramda döyüşməkdən imtina edib, tövbə edərək İslama dönsələr, əlbəttə ki, Allah günahlarını bağışlayar. Onlar bundan əvvəl Allahın haram etdiyi şəhərdə müsəlmanları öldürdüklərinə baxmayaraq, tövbə etdikləri təqdirdə Uca Allah onların günahlarını bağışlayar. Bu dünyada tövbə edib, Allaha qayıtdıqdan sonra Uca Allahın bağışlamayacağı heç bir günah yoxdur.
Daha sonra Uca Allah kafirlərlə vuruşmağı əmr edir: “Fitnə aradan qalxana qədər”, yəni şirk aradan qalxana qədər. İbn Abbas və başqaları (Allah onlardan razı olsun) belə demişlər: “və din ancaq Allaha məxsus edilənədək”, yəni Allahın dini bütün dinlərdən üstün olana qədər. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşdular: “Bir kişi cəsur olduğu üçün, digəri namusuna görə, digəri isə özünü göstərmək üçün vuruşur. Bunlardan hansı Allah yolunda vuruşmuş sayılır?” Peyğəmbər ﷺ buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allah yolunda (vuruşmuş) olar”. (əl-Buxari, 2599, 2810, 3126; Muslim, 3528, 5028). əl-Buxari və Muslimin “Səhih” əsərlərində sabit olan başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “İnsanlar “Lə İləhə İlləllah” (Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur) deyənə qədər (onlarla) vuruşmaq mənə əmr edildi. Əgər (aşkarda) bunu desələr – İslam haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla – canlarını və mallarını məndən qorumuş olarlar. Onların (gizli əməllərinin) haqq-hesabı isə Allaha aiddir”. (Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur. Hədisi Əhməd “əl-Musnəd” əsərində bir neçə yerdə rəvayət etmişdir (8891, 9469). əl-Buxari, 17, 25).
Uca Allah buyurur: “Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur”, yəni əgər onlar Allaha şərik qoşmaqdan imtina etsələr və möminlərlə döyüşməsələr, siz də onlardan əl çəkin. Çünki bundan sonra onlarla döyüşən zalımdır və düşmənçilik ancaq zalımlara qarşı olur. Bu, Mucahidin sözünün mənasıdır: “Ancaq döyüşənlə döyüşülər”. Ola da bilsin ki, sözün mənası belədir: “Əgər onlar döyüşdən imtina etsələr, zülmdən xilas olarlar. Zülm isə şirkdir. Beləliklə, artıq onlara qarşı düşmənçilik aparmaq olmaz”. Buradakı “düşmənçilik” dedikdə cəzalandırmaq və döyüşmək nəzərdə tutulur. Necə ki Uca Allah buyurur: “Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin” (“əl-Bəqərə”, 194). Bir başqa ayədə isə belə buyurur: “Pisliyin cəzası özü kimi pislikdir” (“əş-Şura”, 40). “Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin” (“ən-Nəhl”, 126). Bu səbəbdən İkrimə və Qatədə demişlər: “Zalım, “Lə İləhə İlləllah” (Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur) deməkdən imtina edən kəsdir”.
əl-Buxari Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edir ki, İbn əz-Zubeyrin (Allah ondan razı olsun) fitnəsi baş verdikdə (“əl-Bəqərə” surəsi, 128-ci ayənin təfsirinə bax).  iki nəfər gəlib ona dedi: “İnsanlar [artıq] etdiyini etdilər, sən Ömərin oğlu və Peyğəmbərin ﷺ səhabəsisən. Sənə xəlifəyə qarşı çıxmağa mane olan nədir?” Abdullah ibn Ömər (Allah ondan razı olsun) dedi: “Allahın qardaşımın qanını haram etməsi məni saxlayır”. Onlar dedilər: “Məgər Uca Allah “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun!” – buyurmurmu?” Abdullah ibn Ömər (Allah ondan razı olsun) dedi: “Biz fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək vuruşduq. Siz isə fitnə yayılana qədər və din də Allahdan başqası üçün olana qədər döyüşmək istəyirsiniz”. (əl-Buxari (8/137, “Fəthul-Bari”). Hədisdəki قَدْ “artıq” sözü əl-Buxaridən əlavə edilmişdir. صَنَعُوا “etdilər” sözü “əl-Əzhəriyyə” əlyazmasında sabitdir və onu əl-Buxarini rəvayət edənlərdən biri olan əl-Kəşmihini rəvayət etmişdir. əl-Hafiz (İbn Həcər) demişdir: “Bu sözdən sonra pozulmuş, lakin nəzərdə tutulan bir şey olmalıdır. Yəni “insanlar gördüyün kimi ixtilaf etdilər”. əl-Buxarinin “Səhih” əsərini rəvayət edənlərin əksəriyyəti onu ضَيَّعُوا “həlak etdilər” kimi rəvayət etmişlər. İbn Ömər (Allah ondan razı olsun) bu sözü ilə taxt-tac uğrunda müharibəni nəzərdə tutur. Necə ki “əl-Musnəd” əsərində rəvayət olunan başqa bir hədisdə (5690) İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Vay olsun sənin halına! Heç bilirsən, fitnə nədir? Peyğəmbər ﷺ müşriklərlə vuruşurdu. Onların dininə daxil olmaq fitnə sayılırdı. Sizin hakimiyyət uğrunda döyüşməyiniz isə fitnə deyil”. (Əhməd Şakir). əl-Buxari, 4153, 4513).
əl-Bəqərə, 194
الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
194. Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

 
İbn Abbas, Qatədə və digərləri demişlər: “Peyğəmbər ﷺ hicrətin altıncı ilində ümrə etmək məqsədi ilə yola çıxdı və müşriklər onun Allahın Evinə (Kəbəyə) getməsinə mane oldular. Onlar Peyğəmbəri ﷺ və onunla olan müsəlmanları haram aylardan biri olan Zul-Qadə (Dörd haram ay var. Bunlardan üçü – Zul-Qadə, Zülhiccə və Muhərrəm dalbadal gəlir. Dördüncüsü isə Rəcəb ayıdır). ayında Allahın Evinə buraxmadılar. Peyğəmbər ﷺ növbəti il gəlmək şərti ilə onlarla razılaşdı. Beləliklə, növbəti il Peyğəmbər ﷺ və onunla olan müsəlmanlar Allahın Evinə girə bildilər. Beləcə, Allah Peyğəmbərin ﷺ onlardan qisas almasına fürsət verdi. Həmin hadisə səbəbindən bu ayə nazil oldu: “Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır...”. İmam Əhməd Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ haram aylarda ona qarşı döyüşülmədikcə döyüşməzdi. Döyüşə hazır olmasına baxmayaraq, haram aylar bitənə qədər gözləyərdi”. (“əl-Musnəd” (14767) (3/345, Hələb nəşri), (Əhməd Şakir). Əhməd, 1463, 14713, 14755. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Bu hədisin isnadı səhihdir. Peyğəmbər ﷺ Hudeybiyyədə yerləşən düşərgədə, Məkkə müşriklərinə elçi olaraq göndərdiyi Osmanın ﷺ öldürüldüyü xəbərini aldıqda müşriklərlə döyüşmək barədə min dörd yüz nəfərdən ibarət olan səhabələrindən ağac altında əhd aldı. Lakin sonradan Osmanın ﷺ öldürülmədiyini bildikdə bu döyüşdən imtina edərək sülhə və barışığa meyil etdi. Sonra məlum hadisələr baş verdi.
Həmçinin Huneyn döyüşündə də Həvazin qəbiləsi ilə döyüşməyi bitirdikdən sonra məğlub olnaların ət-Taifdə qərargah qurduqlarını bildikdə ət-Taifə üz tutdu və oranı mühasirəyə aldı. ət-Taif mancanaqlarla (Mancanaq – qədimdə qala divarlarını dağıtmaq üçün daş və ya ox atan alətdir). mühasirəyə alınarkən Zul-Qadə ayı girdi. Bu mühasirə qırx günə qədər davam etdi. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edilir ki, ət-Taifi fəth edərkən səhabələr arasında ölənlər çox olduğu üçün Peyğəmbər ﷺ geri döndü və ət-Taif fəth edilmədi. Sonra Məkkəyə döndü və əl-Ciranədən ümrəyə niyyət etdi. Orada Huneyn döyüşündə əldə olunan qənimətləri payladı. Peyğəmbərin ﷺ bu ümrəsi hicrətin səkkizinci ilində, Zul-Qadə ayında idi. Allahın salavatı və salamı onun üzərinə olsun.
Uca Allah buyurur: “Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin”. Uca Allah müşriklərlə də ədalətli davranmağı əmr etmişdir. O buyurur: “Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin” (“ən-Nəhl”, 126). Başqa bir ayədə buyurur: “Pisliyin cəzası özü kimi pislikdir” (“əş-Şura”, 40).
Uca Allah buyurur: “Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir”. Allah möminlərə Ona itaət etməyi və Ondan qorxmağı əmr edir. Həmçinin bildirir ki, Uca Allah dünya və Axirətdə Öz zəfəri və yardımı ilə Ondan qorxanlarla birlikdədir.
əl-Bəqərə, 195
وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ
195. Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.

 
əl-Buxari və İbn Əbu Hatim Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bu ayə Allah yolunda malından xərcləməyi tərk edənlərə cavab olaraq nazil edilmişdir. (“Fəthul-Bari” (8/138). əl-Hafiz (İbn Həcər) demişdir: “Yəni Allah yolunda malını xərcləməyi tərk edənlər barədə nazil edilmişdir. Huzeyfənin dediyi də budur. Bu ifadə Əbu Əyyubun hədisində açıqlanır”. Sonra İbn Həcər İbn Kəsirin burada nəql etdiyi hədisi qeyd etmişdir. Sonra demişdir: “İbn Abbas və digər tabiinlərin bu ayənin təfsirində belə dedikləri səhih yollarla gəlmişdir”. (Əhməd Şakir). əl-Buxari, 4156, 4516). Rəvayət edilir ki, Əsləm Əbu İmran demişdir: “Konstantinopolu fəth edərkən mühacirlərdən bir kişi düşmənin səfinə hücum etdi və səfi yarıb keçdi. Əbu Əyyub əl-Ənsari də bizimlə idi. Bəziləri dedilər: “O özünü təhlükəyə atdı”. Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) dedi: “Biz bu ayənin nə üçün nazil olduğunu daha yaxşı bilərik, çünki o bizim barəmizdə nazil olmuşdur. Biz Peyğəmbərlə ﷺ birlikdə bir çox döyüşlərdə iştirak etdik və ona yardım etdik. İslam dini hər yerə yayıldıqda və izzətləndikdə, biz Ənsarlar toplumu Peyğəmbərdən ﷺ gizlin yığışıb bir-birimizə dedik: “Allah bizi Peyğəmbərin ﷺ səhabələri etməklə və ona yardım etməyimiz üçün bizi seçməklə ucaltmışdır. Artıq İslam dini hər yerə yayılıb və bu dinin köməkçiləri də çoxalıb. Biz bu dinə yardım etməyi ailəmizdən, malımızdan və övladlarımızdan üstün tutmuşuq. Artıq döyüşlər bitib. Odur ki ailəmizin və övladlarımızın yanına qayıdaq və onların yanında qalaq”. Bu vaxt bizim barəmizdə bu ayə nazil oldu: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” Bu ayədə “təhlükə” dedikdə cihadı tərk edib, ailə və övladların yanında qalmaq nəzərdə tutulur”. (Əbu Davud, 2514; ət-Tirmizi, 2972, 3236. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 13). Bu hədisi Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi, Abd ibn Humeyd, İbn Əbu Hatim, İbn Cərir, İbn Mərdəveyh, Əbu Yalə, İbn Hibban “Səhih” əsərində və əl-Hakim “əl-Mustədrək” əsərində rəvayət etmişlər. ət-Tirmizi hədisi “həsən-sahih-ğarib” adlandırmışdır. əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtinə uyğundur, lakin kitablarında rəvayət etməmişlər”. (Hədis ət-Tabəridədir (3179, 3180). Hədisin təxrici barəsində orada ətraflı danışmışıq. Həmçinin əl-Hakim “əl-Mustədrək” əsərində (2/275) rəvayət etmiş və əz-Zəhəbi hədisin səhih olmasında onunla razılaşmışdır. Əbu Davudun rəvayət etdiyi hədisdə (2512) isə belə deyilir: “Özünü öz əlinlə təhlükəyə atmaq malımızın üzərində durub onu qorumağımız və Allah yolunda döyüşü tərk etməyimizdir”. Əbu İmran deyir ki, Əbu Əyyub (Allah ondan razı olsun) Allah yolunda döyüşməyi axıra qədər tərk etmədi və sonda Konstantinopolda dəfn olundu”. (Əhməd Şakir). Əbu İshaq əs-Səbii demişdir: “Bir kişi əl-Bəra ibn Azibə (Allah ondan razı olsun) dedi: “Əgər təkbaşına düşmənin üzərinə atılsam və düşmən məni öldürsə, özümü təhlükəyə atmış sayılırammı?” əl-Bəra ibn Azib (Allah ondan razı olsun) dedi: “Xeyr, sayılmırsan. Allah Öz Peyğəmbərinə ﷺ demişdir: “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən” (“ən-Nisa”, 84). Özünü təhlükəyə atmaq Allah yolunda malından xərcləməyi tərk edənlərə aiddir”. (əl-Hakim, 3089. əl-Hakim əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir). Hədisi İbn Mərdəveyh və əl-Hakim rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtindədir, lakin kitablarında rəvayət etməmişlər”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allahın: “öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” – ayəsi döyüşə aid deyil, Allah yolunda malını xərcləməyə aiddir. Yəni Allah yolunda xərcləməkdən əlini saxlamaqla özünü təhlükəyə atma!”
Xülasə, ayənin məzmunu belədir ki, bu ayə malı Allah yolunda – Allaha yaxınlaşdıran əməllərə və itaətlərə xərcləməyi əmr edir. Xüsusilə də düşmənlə döyüşmək və müsəlmanları düşmənlərinə qarşı gücləndirmək üçün malı sərf etməyə təşviq edir. Ayədə həmçinin bildirilir ki, imkanı olanın və buna adət edənin bu əməli tərk etməsi onu həlaka və məhvə aparır. Sonra Uca Allah ayəni itaətlərin ən uca məqamı olan “ehsanla” (əməlləri gözəl şəkildə yerinə yetirməklə) və yaxşılığı əmr etməklə bitirir və buyurur: “Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir”.
əl-Bəqərə, 196
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
196. Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidul-Haramda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.

 
Uca Allah əvvəlki ayələrdə orucla əlaqəli ehkamları zikr edib, ardınca cihadı qeyd etdikdən sonra, bu ayədə həclə əlaqəli ehkamları izah etməyə başlayır və həclə ümrəni tamamlamağı əmr edir. Ayənin zahirindən aydın olan budur ki, Uca Allah həcc və ümrəni başladıqdan sonra əməlləri tamamlamağı əmr edir. Bu səbəbdən ayənin davamında buyurur: “Əgər sizin qarşınızı kəssələr”, yəni əgər Allahın Evinə (Kəbəyə) çatmağa qoymasalar və ya həcc və ümrənin əməllərini yerinə yetirməyə mane olsalar. Bu səbəbdən alimlər həcc və ümrə ibadətini yerinə yetirməyin zəruri olması barədə ittifaq etmiş, lakin ümrə ibadətinin vacib və ya müstəhəb olması barədə iki rəy söyləmişlər.
Əli (Allah ondan razı olsun) Uca Allahın “Allah üçün həcc və ümrəni tam yerinə yetirin” ayəsi haqqında belə demişdir: “Həcc və ümrəni tamamlamaq yaşadığın ərazidən ehrama girməyindir”. İbn Abbas və Səid ibn Cubeyr də belə demişlər. Həmçinin rəvayət edilir ki, Sufyan əs-Sovri bu ayə haqqında demişdir: “Həcc və ümrənin tamamlanması sənin həcc və ümrədən başqa heç bir şeyi nəzərdə tutmayaraq ailənin yanında ehrama girməyin, həmçinin miqatdan (Miqat sözünün ərəb dilində lüğəti mənası “vədə” deməkdir. Burada isə həcc və ya ümrə etmək istəyənlərin niyyət etməsi üçün şəriətin Məkkə şəhərindən kənarda müəyyən etdiyi yerlər nəzərdə tutulur. Peyğəmbərimiz ﷺ bizə dörd miqatın olduğunu xəbər vermişdir. İbn Abbas demişdir: “Peyğəmbər Mədinə əhli üçün zul-Huleyfəni (Mədinədən 15 km uzaqlıqda yerləşir), Şam əhli üçün Cühfəni, Nəcd əhli üçün Qərnəl-Mənazili və Yəmən əhli üçün Yələmləmi miqat təyin etdi. Bu miqatlar həm onlar üçün, həm də başqa yerlərdən gəlib oradan keçərək həcc və ümrə ziyarətlərinə gələnlər üçündür. Miqat yerləri ilə Məkkə arasında olanlar isə istədikləri yerdən ihrama girə bilərlər. Məkkəlilər də Məkkədən ehrama girə bilərlər” (əl-Buxari, 1427, 1524) başlayarq təlbiyəni (Təlbiyə həcc mərasimində uca səslə təkrar-təkrar deyilən duadır. Bu dua ərəbcə belə deyilir:
Transkripsiyası: [Ləbbeykə-llahummə ləbbeyk, ləbbeykə lə şəriykə ləkə ləbbeyk, innəl-həmdə vən-ni'mətə, ləkə vəl-mulkə, lə şəriykə lək]
Tərcüməsi: “Hüzurundayam, Allahım, hüzurundayam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd Sənədir, nemət və mülk Sənə məxsusdur, Sənin şərikin yoxdur!”) uca səslə deməyindir. Ticarət və ya hər hansı bir ehtiyacı ödəmək məqsədilə Məkkəyə yaxınlaşıb: “Kaş ki həcc və ya ümrə edərdim”, – deməyəsən. Çünki belə etmək həcc və ümrəni yerinə yetirmək üçün kifayət olsa da, ayədə nəzərdə tutulan tamamlama sayılmır, çünki “tamamlama” başqa məqsədlərlə deyil, yalnız həcc və ümrə üçün yola çıxmağındır”.
Hədislərdə sabit olmuşdur ki, Peyğəmbər ﷺ həyatı boyu dörd dəfə ümrə etmiş və etdiyi ümrələrin hamısı Zul-Qadə ayında olmuşdur. Bu ümrələrdən birincisi Hudeybiyyə ümrəsidir. Hicrətin altıncı ilində Zul-Qadə ayında etmişdir. İkinci ümrə qəza ümrəsidir. Hicrətin yeddinci ilində Zul-Qadə ayında etmişdir. Üçüncü ümrə əl-Ciranə ümrəsidir. Bu ümrəni hicrətin səkkizinci ilində Zul-Qadə ayında etmişdir. Dördüncü isə hicrətin onuncu ilində Zul-Qadə ayında həcc əsnasında həm həccə, həm də ümrəyə niyyət edib ehrama girdiyi ümrədir. Mədinəyə hicrət etdikdən sonra bu dörd ümrədən başqa ümrə etməmişdir. Peyğəmbər ﷺ Ummu Haniyə demişdir: “Ramazanda ümrə etmək mənimlə birlikdə həcc etməyə bərabərdir”. (Əbu Davud, 1992; İbn Xuzeymə, 3077; əl-Hakim, 1779. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1118). Bunun səbəbi isə Ummu Haninin (Allah ondan razı olsun) Peyğəmbərlə ﷺ həcc etmək istəyi idi. Lakin nifas olması buna mane olmuşdur. Necə ki əl-Buxaridə gələn hədisdə geniş şəkildə izah edilmişdir. (Əhməd Şakir demişdir: “əl-Hafiz İbn Kəsir burada həcc etməyə gecikən qadının Ummu Hani (Allah ondan razı olsun) olmasını qeyd etməklə səhvə yol vermişdir. əl-Buxarinin “Səhih” əsərində (3/480-481, “Fəthul-Bari”) İbn Abbasdan (Allah ondan razı olsun) gələn hədisdə “Ənsarlardan olan bir qadın” qeyd olunur. Bu qadının adını İbn Cureyc unutmuşdur. Həmçinin “əl-Musnəd” (2025) və Muslimin “Səhih” əsərində də (1/357) belə gəlmişdir. Həbib əl-Muəllim bir rəvayətində onun adını Ummu Sinən əl-Ənsariyyə (Allah ondan razı olsun) kimi qeyd etmişdir. Necə ki əl-Buxarinin (4/66-67) və Muslimin (1/357-358) rəvayətlərində belə gəlmişdir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində bir neçə rəvayət qeyd etmişdir. Bu rəvayətlərin heç birində Ummu Hani adı yoxdur.
Mən Ummu Haninin (Allah ondan razı olsun) Ramazanda ümrə ilə əlaqəli heç bir hədisinə rast gəlməmişəm. Bu barədə “Zəxairil-Məvəris” əsərində heç bir rəvayət yoxdur. Bu kitab altı hədis kitabı və Muvattada olan hədislərin bütün sənədlərini cəm edən bir kitabdır. Həmçinin “Məcməuz-Zavaid” kitabında da “Ramazanda ümrə etmək” babında yoxdur (3/280). Ummu Sinanın (Allah ondan razı olsun) həcc etməyə gecikməsinə səbəb budur ki, onların iki dəvəsi varmış. Əri və oğlu bu dəvələrdən birinə miniblər. Digəri isə bağı suvarmaq üçün qalıb. O da minməyə dəvə tapa bilməmişdir”. .Ənəs və bir çox səhabələrdən müxtəlif yollarla varid olan hədislərdə bildirilir ki, Peyğəmbər ﷺ həcc ziyarətində həclə ümrəyə birlikdə niyyət etmişdir. “Səhih” əsərində qeyd olunmuşdur ki, Peyğəmbər ﷺ səhabələrinə demişdir: “Kim qurbanlıq heyvanı özü ilə gətirmişsə, qoy həm həcc, həm də ümrə niyyəti ilə ehrama girsin!” (əl-Buxari, 1530, 1638) “Səhih” əsərində gələn başqa bir hədisdə Peyğəmbərin ﷺ belə dediyi qeyd edilir: “Qiyamətə qədər ümrə ziyarəti həcc ziyarətinə daxil olmuşdur”. (Əbu Davud, 1792, 1907; ət-Tirmizi, 932. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3373).
Uca Allah buyurur: “Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin”. Bu ayənin hicrətin altıncı ilində, yəni Hudeybiyyə sülhü bağlanan ili nazil olduğu qeyd olunur. Həmin il qureyşlilər Peyğəmbərin ﷺ Kəbəyə girməsinə mane olmuşdular. Uca Allah “əl-Fəth” surəsini bütünlüklə bu səbəblə nazil etmişdir. Uca Allah müsəlmanlara özləri ilə gətirdikləri qurbanları kəsib ehramdan çıxmağı buyurmaqla rüsxət verdi. Müsəlmanlar özləri ilə yetmiş ədəd dişi dəvə gətirmişdilər. Bu zaman Peyğəmbər ﷺ onlara saçlarını qırxıb ehramdan çıxmağı əmr etdi. Onlar bu hökmün Allah tərəfindən ləğv edilməsini gözləyərək ehramdan çıxmadılar. Nəhayət, Peyğəmbər ﷺ çadırından çıxdı və saçını qırxdırdı. Səhabələr bunu gördükdə saçlarını qırxdılar. Səhabələrdən bir qisim saçlarını qısaltdı, tam qırxmadı. Bu səbəbdən Peyğəmbər ﷺ dedi: “Allahım, saçını qırxdıranlara rəhm et!” (Səhabələr): “Qısaldanlara da, ey Allahın Elçisi?”– deyə soruşdular. Dedi: “Allahım, saçını qırxdıranlara rəhm et!” Onlar: “Qısaldanlara da, ey Allahın Elçisi?”– deyə soruşdular. Üçüncüdə: “Qısaldanlara da (rəhm et)!” – buyurdu”. (əl-Buxari, 1727-1728, 2731-2732). O ilki qurbanda bir dişi dəvəyə yeddi nəfər şərik oldu. Müsəlmanların sayı min dörd yüz nəfər idi. Onların yerləşdiyi yer Haramın sərhədlərindən kənarda, Hudeybiyyədə idi. Onların olduqları yerin Haramın daxilinin bir tərəfində olduğu da deyilir. Ən doğrusunu Allah bilir.
Buna görə alimlər həcc və ümrə etmək istəyənin qarşısını alan səbəb barədə ixtilaf etmişlər. Bir qisim alimlərə görə, həcc və ümrə edənin ibadətini başa vurmadan ehramdan çıxmasına yalnız düşmənin qarşısını kəsməsi səbəb ola bilər. Xəstəlik və s. kimi səbəblərdən ibadətini yarımçıq saxlaya bilməz. Bu məsələdə iki rəy var. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Həcc və ümrəni yerinə yetirməyə maneə yalnız düşmənin yolu kəsməsidir. Xəstəlik, şiddətli ağrı və yolu azması səbəbindən ibadətini tamamlaya bilməyənin üzərinə heç bir şey düşmür. Uca Allah “Əmin-amanlıq içində olduğunuz təqdirdə” buyurur. Əmin-amanlıq isə təhlükə sovuşduqdan sonra olur”. İbn Əbu Hatim demişdir: “İbn Ömərdən, Tavusdan, əz-Zuhridən, Zeyd ibn Əsləmdən (Allah ondan razı olsun) də buna oxşar məna rəvayət edilmişdir”.
İkinci rəy budur ki, həcc və ümrə etmək istəyənin qarşısını alan səbəb düşmənin yolu kəsməsindən, xəstəlik və yolu azmaqdan daha geniş mənadadır. İmam Əhməd İkrimədən, o da əl-Həccəc ibn Amr əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət edir ki, o demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Kimin ayağı sınar və ya axsayarsa, ehramdan çıxmış sayılır, lakin başqa bir həcc ona vacib olur”. İkrimə demişdir: “Mən bu hədisi İbn Abbasa və Əbu Hureyraya danışdım. Onlar dedilər: “Doğru söyləmişdir”. (Əbu Davud, 1864; ən-Nəsəi, 2861; İbn Macə, 3077; Əhməd, 15731, 15823. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6521). Bu hədisi dörd hədis kitabının sahibləri (Əbu Davud, ət-Tirmizi, İbn Macə və ən-Nəsəi) və İbn Əbu Hatim rəvayət etmişlər. (“əl-Musnəd” (15796), (3/450, Hələb nəşri). Həmçinin ət-Tabəri (3321, 3322) və əl-Hakim (1/470) rəvayət etmişlər. əl-Hakim hədisin səhih olduğunu bildirmiş və əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). İbn Əbu Hatim sonra demişdir: “İbn Məsud, İbn əz-Zubeyr, Alqamə, Səid ibn əl-Museyyib və Mucahiddən rəvayət olunur ki: “Həcc və ümrədən saxlayan səbəb düşmən, xəstəlik və ya ayağın sınması ola bilər”. əs-Sovri demişdir: “Həcc və ya ümrə edənə əziyyət verən hər bir şey maneə ola bilər”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə Peyğəmbər ﷺ Dubaə bint əz-Zubeyr ibn Abdulmuttalibin yanına girdi. Dubaə dedi: “Ey Allahın Elçisi! Mən özümü çox pis hiss edirəm, lakin həcc etmək istəyirəm”. Peyğəmbər ﷺ dedi: “Sən həccini yerinə yetir və: “Allahım, Sən məni harada dayandırsan, orada ehramdan çıxacağam!” (Yəni harada vəziyyətim ağırlaşarsa, orada ziyarətimi tamamlayacağam. Ərəbcə bu belə ifadə edilir: اللَّهُمَّ مَحِلِّي حَيْثُ حَبَسْتَنِي  [Allahummə, məhilli heysu həbəstəni]). deyərək şərt kəs”. (Muslim, 2101, 2960). Bu hədisi Muslim İbn Abbasdan (Allah ondan razı olsun) bu şəkildə rəvayət etmişdir. Bu hədisə əsaslanaraq bəzi alimlər həcc edərkən şərt qoymağın icazəli olduğunu demişlər. İmam Muhəmməd ibn İdris əş-Şafii bu rəyin doğruluğunu bu hədisin səhihliyi ilə əlaqələndirmişdir. əl-Beyhəqi və digər hədis alimləri də hədisin səhih olduğunu bildirmişlər. Həmd Allaha məxsusdur.
Uca Allah buyurur: “Müyəssər olan bir qurbanlıq verin”. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Müyəssər olan qurbanlıq qoyundur”. Əta, Mucahid, Qatədə və digərləri də belə demişlər. Dörd imamın (Əbu Hənifə, Malik, əş-Şafii və Əhməd) məzhəbi də budur.
İbn Əbu Hatim Aişə və İbn Ömərin (Allah onlardan razı olsun) belə dediyini rəvayət edir: “Müyəssər olan bir qurbanlıq” dedikdə dəvə və inək nəzərdə tutulur”. İbn Əbu Hatim demişdir: “Səlim, əl-Qasim, Urvə ibn əz-Zubeyr və Səid ibn Cubeyrdən də belə rəvayət edilmişdir”.
Mən deyirəm: “Görünür, bu rəydə olanlar Hudeybiyyə hadisəsinə əsaslanaraq bu qənaətə gəlmişlər. Çünki Hudeybiyyə hadisəsində iştirak edənlərin heç birindən ehramdan çıxmaq üçün qoyun qurban kəsməsi rəvayət edilməmişdir. Yalnız dəvə və inək qurban kəsmişlər. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Peyğəmbər ﷺ bizə dəvə və inəyi şərikli kəsməyi əmr etdi. Bizlərdən yeddi nəfər bir dəvəyə şərik olurdu”. (Bu hədis əl-Əzhəriyyə əlyazmasında yoxdur. Hədis “əl-Muntəqa” kitabındadır (2687). Müəllif demişdir: “əl-Buxari və Muslim rəvayət etmişlər”. Çap olunmuş nüsxədə “dəvə” əvəzinə “inək” gəlmişdir. Bu isə səhvdir (Əhməd Şakir). Muslim, 2323, 2999, 3248).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əgər varlıdırsa, dəvə, buna imkanı çatmasa, inək, buna da imkanı çatmasa, qoyun qurban kəsməlidir”. Həcc və ümrəni davam etdirə bilməyənin ehramdan çıxmasına qoyun kəsməyin kifayət olduğunu deyən əksər alimlərin görüşünün doğruluğunu sübut edən dəlil Uca Allahın ayədə müyəssər olan bir qurbanlıq kəsməyi əmr etməsidir. Yəni qurbanlıq heyvan adlanan və müyəssər olanı kəsməlidir. Qurbanlıq heyvanlar isə, Quran təfsirçisi, alim və Peyğəmbərin ﷺ əmisi oğlu İbn Abbasın (Allah ondan razı olsun) dediyi kimi, dəvə, inək və qoyundur. Həmçinin əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunur ki, möminlərin anası Aişə (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər ﷺ (Məkkəyə) qoç göndərdi”. (əl-Buxari, 1586, 1701).
Ayənin “Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın” cümləsi əvvəldəki “Allah üçün həcc və ümrəni tam yerinə yetirin” cümləsinə bağlıdır. İbn Cəririn zənn etdiyi kimi Uca Allahın: “Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin” sözünə bağlı deyil. Çünki Peyğəmbər ﷺ Hudeybiyyə sülhü bağlanan ildə Qureyş kafirləri tərəfindən Harama buraxılmadıqda onlar əvvəl saçlarını qırxdılar, sonra qurbanlarını Haramın xaricində kəsdilər. Lakin əmin-amanlıq içində və Harama daxil olmaq imkanı olduqda “qurbanlıq öz yerinə çatana qədər” saçı qırxmaq olmaz. “Qiran” (“Qiran” sözünün mənası “yanaşı” deməkdir. Həccin “Qiran” növünü edən kəs niyyət edib ehrama girərkən həclə yanaşı, ümrə üçün də niyyət edir. Bu səbəbdən belə adlandırılmışdır). həcci edən kəs yalnız saçı qırxmaqla həcc və ümrə əməllərini bitirmiş sayır. Əgər “İfrad” (“İfrad” sözünün mənası “təkləşdirmək” deməkdir. Həccin “İfrad” növünü edən kəs niyyət edib ehrama girərkən yalnız həcc üçün niyyət edir). və ya “Təməttu” (“Təməttu” sözünün mənalarından biri “faydalanmaq” deməkdir. “Təməttu” həccini edən kəs əvvəlcə ümrə üçün niyyət edir. Ümrəni bitirdikdən sonra həcc üçün niyyət edir. Bununla da eyni səfərdə həm həcc, həm də ümrə etmiş olur). həclərindən birini edirsə, saçını qırxmaqla bu ibadətlərdən (həcc və ümrədən) birini bitirmiş olur. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Həfsa (Allah ondan razı olsun) belə demişdir: “Ey Allahın Elçisi, nə üçün camaat ümrəni yerinə yetirdikdən sonra ehramdan çıxmış, sən isə ümrəni yerinə yetirdikdən sonra ehramdan çıxmamısan?” Peyğəmbər ﷺ buyurdu: “Mən saçımı (yapışqan bir maddə ilə) yapışdırmışam (Bunu ona görə edirdilər ki, uzun saçlar ziyarət edən adama mane olmasın, habelə onu bit, birə, taxtabiti, gənə və başqa bu kimi həşəratlardan qorusun). və qurbanlıq heyvanıma nişan taxmışam, elə buna görə də heyvanı kəsənədək ehramdan çıxmayacağam”. (əl-Buxari, 1464, 1566).
Uca Allah buyurur: “Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir”. 
əl-Buxari demişdir: “Rəvayət edilir ki, Abdullah ibn Məqil demişdir: “Bir dəfə mən bu məsciddə – Kufə məscidini nəzərdə tutur – Kəb ibn Ucrənin (Allah ondan razı olsun) yanında əyləşdim və ondan “Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” ayəsi barəsində soruşdum. O dedi: “Məni Peyğəmbərin ﷺ yanına gətirdilər. Həmin vaxt başımdan bitlər tökülürdü. Peyğəmbər ﷺ məni bu halda görüb dedi: “Sənin bu hala düşdüyünü bilməzdim. Kəsməyə bir qoyun taparsanmı?” Mən: “Xeyr”, – dedim. Peyğəmbər ﷺ (ayəni izah edib) dedi: “Ya üç gün oruc tut, ya da hər kasıba yarım saa (Saa – ölçü vahididir və dörd mudda bərabərdir. Bir mudd isə insanın iki ovucuna bərabərdir ki, bu da yeddi yüz qrama bərabərdir. Deməli, bir saa təxminən 2 kilo 800 qrama bərabərdir (Səmərul-Mustətab, 1/28). yemək verməklə altı kasıbı yedizdir və başını qırxdır”. Bu ayə xüsusən mənə görə nazil olsa da, sizin hamınıza aiddir”. (Kəb ibn Ucranın (Allah ondan razı olsun) hədisi hədis kitablarında bir neçə şəkildə sabit olmuşdur. ət-Tabəri bu hədisi iyirmi səkkiz isnadla rəvayət etmişdir (3333 – 3359, 3364, 3365). Hədisin təxrici barədə ətraflı orada danışmışıq. (Əhməd Şakir). əl-Buxari, 1814-1818).
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” ayəsi barəsində demişdir: “Əgər ayədə “ya” bağlayıcısı işlənmişsə, bu bağlayıcı ilə bağlanan ifadələrdən istədiyini seçə bilərsən”. İbn Əbu Hatim demişdir: “Mucahid, İkrimə, Əta və başqalarından da belə rəvayət olunur”. 
Mən deyirəm: “Bu rəy dörd məzhəb imamının və bütün alimlərin fikridir. Bu halda insan öz ixtiyarına buraxılır. İstəsə oruc tutar, istəsə də bir fəraq sədəqə verər. Bir fəraq üç saadır. Hər kasıba yarım saa verməlidir. Yarım saa iki ovuc edir. İstərsə də bir qoyun qurban kəsər və onu kasıblara paylayar. Bu əməllərdən hansı birini etsə, kifayət edər. Quran asanlaşdırmanı və rüsxəti buyurduğu üçün bu ayə də asan olandan çətinə doğru gedir “fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir”. Peyğəmbər ﷺ Kəb ibn Ucraya bunu əmr edərkən, ilk olaraq, onu ən əfzəl olana, sonra fəzilət baxımından daha aşağı olana, sonra daha aşağı olana yönəltdi və dedi: “Ya qurban kəs, ya altı kasıbı yedizdir, ya da üç gün oruc tut!” Bu üç şeyin hər biri öz-özlüyündə gözəldir. Həmd və nemət Allaha məxsusdur. Tavus demişdir: “Bu üç əməldən qurban kəsmək və kasıb yedizdirmək Məkkədə edilməlidir, oruc isə istənilən yerdə tutula bilər”. Həmçinin Əta, Mucahid və əl-Həsən də belə demişlər. Huşeym (Huşeym ibn Bəşir ibn Əbu Xazim hicri təqvimi ilə 104-cü ildə anadan olub. Bağdadın hədis alimlərindəndir. əz-Zuhri, Amr ibn Dinar, Əyyub əs-Sixtiyəni, Yəhya ibn Əbu İshaq, Əta ibn əs-Səib və s. alimlərdən elm almışdır. Ondan elm alanlar arasında isə İbn əl-Mubərak, Yəhya əl-Qattan, Əhməd ibn Hənbəl kimi böyük alimlər var). demişdir: “Bizə əl-Həccəc, Abdul-Məlik və başqaları Ətanın belə dediyini rəvayət etmişlər: “Qan axıtmaq (Qurban kəsmək) Məkkədə edilməlidir, yemək yedirtmək və oruc tutmaq isə istənilən yerdə edilə bilər”.
Uca Allah buyurur: “Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir”, yəni əgər həcc etmək imkanı əldə etsəniz, içinizdən hər kim ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə etmək istəsə, asan başa gələn bir qurbanlıq verməlidir. Bu hökm (qurban kəsmək) həcc və ümrəni birlikdə niyyət edənlərə (“Qiran” həcci edənlər) və əvvəl ümrə edib, ümrəni bitirdikdən sonra həcc üçün niyyət edənlərə aiddir. Bu həcc növü fiqh alimləri arasında “Təməttu” həcci kimi tanınır. Səhih hədislərin dəlalət etdiyinə görə ümumi olaraq “Təməttu” həcci hər iki qismi şamil edir, çünki hədisi rəvayət edənlərdən bəziləri Peyğəmbərin ﷺ “Təməttu” həcci etdiyini, bəziləri isə “Qiran” həcci etdiyini demişlər. Lakin Peyğəmbərin ﷺ həcc edərkən qurban kəsməsində heç bir ixtilaf yoxdur.
Uca Allah buyurur: “Ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir”. Yəni gücü çatdığı bir qurban kəssin. Qurbanlıq heyvanın ən balacası qoyundur, lakin əgər istəsə, inək də kəsə bilər. Çünki Peyğəmbər ﷺ həyat yoldaşları üçün inək kəsmişdir. (Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. Bax: “əl-Muntəqa” (2702) və “Fəthul-Bari” (3/439 - 440), (Əhməd Şakir). Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir ki, Peyğəmbər ﷺ həyat yoldaşlarının əvəzinə inək kəsdi. Onlar (həyat yoldaşları) “Təməttu” həcci edirdilər. (əl-Beyhəqi “Sunənus-Suğra” 1328, 1700). Hədisi Əbu Bəkr ibn Mərdəveyh rəvayət etmişdir. (Bu hədis səhihdir. Əbu Davud (1751) və İbn Məcə (3133) Əbu Hureyrada rəvayət etmişlər ki, Peyğəmbər ﷺ vida həccində ümrə edən qadınlarının arasında bir inək kəsdi”. Hədisi əl-Hafiz ibn Həcər “Fəthul-Bari” kitabında qeyd etmişdir (3/440) və hədisi ən-Nəsəiyə nisbət etmişdir. əl-Hakim hədisin səhih olduğunu bildirmişdir. Lakin mən hədisi ən-Nəsəidə tapa bilmədim. (Əhməd Şakir). Bu hədis “Təməttu” həcinin şəriətlə buyurulmuş olduğuna dəlildir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan hədisdə İmran ibn Husayn (Allah ondan razı olsun) belə demişdir: “Allahın Kitabında “Təməttu” (həcci) barəsində ayə nazil olmuş və biz Peyğəmbərin ﷺ yanında ona əməl etmişik. Peyğəmbər ﷺ vəfat edənədək bu ayəni haram buyuran və ya onu qadağan edən bir ayə nazil olmamışdır. Bu haqda bir adam yalnız öz fikrini söyləmişdir”. (əl-Buxari, 4246, 4518). əl-Buxari demişdir: “Hədisdə nəzərdə tutulan bir adamın Ömər (Allah ondan razı olsun) olduğu deyilir”. əl- Buxarinin dediyi bu xüsus açıq olaraq varid olmuşdur, çünki Ömər (Allah ondan razı olsun) insanlara “Təməttu” həcci etməyi qadağan edir və deyirdi: “Əgər Allahın Kitabı ilə getsək, Allah həcci və ümrəni tamamlamağı əmr edir”. (əl-Buxari, 1457, 1559; Muslim, 3016). Ömər (Allah ondan razı olsun) Uca Allahın “Allah üçün həcc və ümrəni tam yerinə yetirin” ayəsini nəzərdə tuturdu. Həmçinin Ömər (Allah ondan razı olsun) onu haram sayaraq qadağan etməmişdir. Yalnız insanların Kəbəni daha çox həcc və ümrə məqsədilə ziyarət etmələrini təmin etmək üçün qadağan etmiş və bunu açıq-aydın bəyan etmişdir.
Uca Allah buyurur: “Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır”. Uca Allah buyurur ki, qurban tapa bilməyən (və ya almağa imkanı olmayan) kəs həcc günlərində, yəni həcc ehkamlarını yerinə yetirdiyi günlərdə üç gün oruc tutsun. Əta və digər alimlər demişlər ki, həmin orucları tutmağın ən uyğunu Arafa günündən (Zul-Hiccənin 9-dan) əvvəlki on gündə tutmaqdır. İbn Abbas və digərləri (Allah ondan razı olsun) isə demişlər: “Niyyət edib ehrama girdiyi vaxtdan başlayaraq oruc tuta bilər”. Çünki Uca Allah ayədə “həcc əsnasında üç gün”, – deyə buyurur. Tavus, Mucahid və başqa alimlər isə Şəvval ayının əvvəlindən oruc tutmağı icazəli görürlər. əş-Şabi isə Arafa və ondan əvvəlki iki gün oruc tutmağa icazə vermişdir. Mucahid, Səid ibn Cubeyr və başqaları belə demişlər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qurbanlıq tapa bilməsə, Arafa günündən əvvəl həcc əsnasında üç gün oruc tutmalıdır. Arafa günü üçüncü günə düşərsə, orucu tamamlamalıdır. Vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır”.
Əgər kimsə Qurban bayramından əvvəl oruc tuta bilməsə və ya üç günün bəzisini tutsa, bayramdan sonra gələn “Təşriq” günlərində (Zul-Hiccə ayının 11-ci, 12-ci və 13-cü günləri) bu orucu tuta bilərmi? Bu məsələdə alimlər arasında iki fərqli rəy var. İmam əş-Şafiinin də bu məsələdə iki rəyi var. Köhnə rəyinə görə, “Təşriq” günlərində oruc tuta bilər. Buna dəlil isə əl-Buxaridə gələn Aişənin və İbn Ömərin (Allah ondan razı olsun) sözləridir. Onlar demişlər: “Peyğəmbər ﷺ “Təşriq” günlərində oruc tutmağa icazə vermədi. Yalnız qurbanlıq tapa bilməyənlər istisna olmaqla”. (əl-Buxari, 1859, 1997-1998). Bu həmçinin Əli, İkrimə, əl-Həsən əl-Basri və Urva ibn əz-Zubeyrin (Allah ondan razı olsun) rəyidir. İmam əş-Şafiinin yeni rəyi isə budur ki, “Təşriq” günlərində oruc tutmaq olmaz. Bu rəyində o, Muslimin “Səhih” əsərində Nubeyşə əl-Huzəlidən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə əsaslanmışdır. Nubeyşə əl-Huzəli (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Təşriq günləri yemək, içmək və Allahı zikr etmək günləridir”. (Muslim (1/314). Həmçinin Əhməd “əl-Musnəd” əsərində (5/75, Hələb nəşri) rəvayət etmişdir. Bəzi nüsxələrdə “Nubeyşə” əvəzinə “Quteybə” yazılmışdır. Bu, açıq-aydın səhvdir. Bu hədis ümumidir. Aişə və İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət olunan hədislərdə isə qurbanlıq heyvan tapa bilməyənlərə bu günlərdə oruc tutmaq icazə verilir. Bu isə xüsusidir. Xüsusiliyə dəlalət edən hədis ümumilik bildirən hədisdən üstündür. (Əhməd Şakir). Muslim, 1726, 2733).
Uca Allah buyurur: “... vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır”. Bu məsələdə də alimlərin iki rəyi var. Birinci rəy budur ki, yəni geri dönərkən yolda oruc tutun. Bu səbəbdən Mucahid demişdir: “Bu bir rüsxətdir, istəsə yolda orucunu tuta bilər”. Əta da belə demişdir. İkinci rəy isə budur ki, vətəninizə döndükdən sonra orucu tutun. Abdur-Razzəq rəvayət edir ki, İbn Ömər (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Yəni ailəsinin yanına döndüyü zaman oruc tutmalıdır”. Səid İbn Cubeyr, Mucahid, Əta və digərlərindən də belə rəvayət edilmişdir. Əbu Cəfər İbn Cərir bu məsələdə icma (alimlərin yekdil rəyi) olduğunu nəql etmişdir. əl-Buxari İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Vida həccində Peyğəmbər ﷺ həcdən əvvəl ümrə ziyarətini yerinə yetirdi, qurbanlıq heyvanı da özü ilə gətirdi. O, qurbanlıq heyvanı Zul-Huleyfədən gətirmişdi. Peyğəmbər ﷺ öncə ümrə, sonra da həcc niyyəti ilə ehrama girdi. İnsanlar da Peyğəmbərlə ﷺ birlikdə öncə ümrə, sonra da həcc niyyəti ilə ehrama girdilər. Onlardan kimisi qurbanlıq heyvanı özü ilə gətirmiş, kimisi də gətirməmişdi. Peyğəmbər ﷺ Məkkəyə gəlib çatdıqda insanlara dedi: “Sizlərdən qurbanlıq heyvanları özləri ilə gətirənlər həcc ziyarətini tamamlayanadək ehramdan çıxmasınlar; qurbanlıq heyvanları özləri ilə gətirməyənlər isə (müqəddəs) Evi təvaf etsinlər, Səfa və Mərvə arasında səy etsinlər, saçlarını qısaltsınlar və ehramdan çıxsınlar. Sonra (Tərviyə günü) həcc niyyəti ilə ehrama girsinlər. Qurbanlıq tapmayanlar isə həcc günlərində üç gün və ailəsinin yanına qayıtdıqda yeddi gün oruc tutsunlar”. (əl-Buxari, 1606, 1691). Ömər (Allah ondan razı olsun) bu hədisin hamısını zikr etmişdir. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər.
Uca Allah buyurur: “Bu da tam on gün edir”. Bu cümlənin əvvəl qeyd olunan oruc məsələsini gücləndirmək üçün işləndiyi deyilir. Necə ki ərəblər: “gözümlə gördüm”, “qulağımla eşitdim”, “əlimlə yazdım” deyirlər. Uca Allah buyurur: “Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir” (“əl-Ənam”, 38). Başqa bir ayədə isə buyurur: “Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin” (“əl-Ənkəbut”, 48). Həmçinin buyurur: “Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də, Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu” (“əl-Əraf”, 142). Bəzi alimlər isə demişlər: “Bu cümlə ilə on gün orucun qurbanlıq heyvanı əvəz etməsi bildirilir”.
Uca Allah buyurur: “Bu, ailəsi Məscidul-Haramda yaşamayanlara aiddir”. İbn Cərir demişdir: “Təfsir alimləri Uca Allahın “ailəsi Məscidul-Haramda yaşamayanlara” ifadəsi ilə kimlərin nəzərdə tutulması barədə ixtilaf etmişlər. Eyni zamanda yekdil rəyə gəlmişlər ki, bu ifadə ilə Haramın ərazisində yaşayanlar nəzərdə tutulur və onlar üçün “Təməttu” həcci yoxdur. Bəzi alimlər demişlər: “Bu ifadə ilə yalnız Haramın ərazisində yaşayanlar nəzərdə tutulur. Onlardan başqaları bura aid deyil”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə nəzərdə tutulanlar Haramın ərazisində yaşayanlardır”.
Bəzi alimlər isə demişlər: “Burada Haramın ərazisində yaşayanlarla Haram hüdudları ilə Miqat arasında yaşayanlar nəzərdə tutulur”. İbn Cərir isə bu məsələdə əş-Şafiinin məzhəbini seçmişdir. Həmin məzhəbə görə, bu ayədə Haramın ərazisində yaşayanlar və Haramdan kənar – namazlar qısaldılmayacaq məsafədə yerləşən ərazilərdə məskunlaşanlar nəzərdə tutulmuşdur. Çünki bu ərazilərdə yaşayanlar səfərdə deyil, Məscidul-Haram ətrafında yaşayanlardan sayılırlar. Ən yaxşısını Allah bilir.
Uca Allah buyurur: “Allahdan qorxun”, yəni əmr etdiklərini yerinə yetirməklə və qadağalarından çəkinməklə; “və bilin ki, Allah şiddətli cəza verəndir”, yəni Onun əmrlərinə qarşı çıxanlara və qadağalarını edənlərə qarşı əzabı çox şiddətlidir.
əl-Bəqərə, 197
الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ
197. Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi (niyyət etməklə) özünə vacib edən kəs həcc ziyarəti əsnasında qadını ilə yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

 
Ərəb dilçiləri Uca Allahın “Həcc ziyarəti məlum olan aylardadır” ayəsi barəsində (ayənin sintaktik təhlilində) ixtilaf etmişlər. Dilçilərdən bir qismi demişlər: “Cümlənin mənası belədir: “Kamil həcc məlum olan aylarda həcc etməkdir”. Bu təqdirlə həcc aylarından (Şəvval, Zul-Qadə və Zul-Hiccə) başqa aylarda niyyət edib ehrama girmək doğru sayılsa da, həcc aylarında niyyət edib ehrama girmək digər aylarda ehrama girməkdən daha kamildir. İlin bütün aylarında həccə niyyət edib ehrama girməyin səhih olduğunu deyən rəy Malikin, Əbu Hənifənin, Əhməd ibn Hənbəlin və İshaq ibn Rahaveyhin məzhəbidir. İbrahim ən-Nəxai, əs-Sovri, əl-Leys ibn Kəb də belə demişlər. Onlar dəlil olaraq Uca Allahın: “Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir” (“əl-Bəqərə”, 189) ayəsini gətirirlər. Həmçinin demişlər ki, həcc Kəbədə edilən iki ibadətdən (həcc və ümrə) biridir. Ümrə kimi həcc üçün də ilin hər ayında niyyət edib ehrama girmək olar. əş-Şafii isə yalnız həcc aylarında (Şəvval, Zul-Qadə və Zul-Hiccə) həcc üçün niyyət edib ehram girməyin doğru olduğunu demişdir. Əgər həcc aylarından əvvəl niyyət edib ehrama girsə, həccə niyyət etmiş sayılmaz. Həcc aylarından əvvəl ümrə üçün niyyət etməyin sayılıb-sayılmaması məsələsində isə əş-Şafiidən iki rəy nəql olunur. Həcc üçün niyyət etməyin yalnız həcc aylarında doğru olmasını deyən rəy İbn Abbas və Cabirdən (Allah ondan razı olsun) rəvayət olunur. Əta, Tavus və Mucahid də belə demişlər. Bu rəyi deyənlərin dəlili, Uca Allahın “Həcc ziyarəti məlum olan aylardadır” sözüdür. Ərəb dilçilərinin bu ayə barədə dedikləri ikinci rəy isə “həcc ziyarətinin vaxtı yalnız məlum olan aylardadır” kimidir. Beləcə Uca Allah, həcc üçün ilin digər aylarını deyil, məhz bu ayları müəyyən etmişdir. Bu da dəlalət edir ki, eynilə vaxtından əvvəl qılınan namaz sayılmadığı kimi, bu aylardan əvvəl edilən həcc niyyəti də sayılmır.
əş-Şafii İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Heç kəs həcc aylarından başqa aylarda həcc üçün niyyət edib ehrama girə bilməz. Çünki Uca Allah buyurur: “Həcc ziyarəti məlum olan aylardadır”. (əl-Beyhəqi “Məarifətus-Sunən vəl-Əsər” 2693, 2812). İbn Əbu Hatim və İbn Mərdaveyh də belə rəvayət etmişlər. İbn Xuzeymə “Səhih” əsərində İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Həcc üçün yalnız həcc aylarında niyyət edib ehrama girmək olar. Çünki həcc üçün həcc aylarında ehrama girmək həccin sünnələrindəndir”. (İbn Xuzeymə, 2596; əd-Dəraqutni “Sunən” 2486; əl-Hakim, 1642. əl-Hakim səhih olduğunu bildirmişdi). Bu hədisin isnadı səhihdir. Səhabənin “Sünnə belədir” sözü əksər alimlərə görə, Peyğəmbərə ﷺ nisbət olunan hədis hökmündədir. Xüsusən də əgər bu səhabə İbn Abbas (Allah ondan razı olsun) kimi Quran təfsirçisinin Quran ayələrindən birinin təfsiri barədə sözü olarsa. Bu mövzuda Peyğəmbərdən ﷺ bir hədis rəvayət olunmuşdur. İbn Mərdəveyh Cabirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Heç kəs həcc aylarından başqa aylarda həcc üçün niyyət edib ehrama girə bilməz”. (əl-Beyhəqi “Məarifətus-Sunən vəl-Əsər” 2693, 2812). Bu hədisin isnadında bir eyib yoxdur, lakin bu mənada olan hədisi əş-Şafii və əl-Beyhəqi Cabirin (Allah ondan razı olsun) sözü olaraq rəvayət etmişlər. Bu rəvayət Peyğəmbərə ﷺ nisbət olunan rəvayətdən daha səhih və daha sabitdir. Bununla da İbn Abbasın (Allah ondan razı olsun) “Həcc üçün həcc aylarında ehrama girmək həccin sünnələrindəndir” sözü ilə güclənən məzhəb üstün olaraq qalır. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Məlum olan aylardadır”. əl-Buxari deyir: “İbn Ömər (Allah ondan razı olsun) bu ayların Şəvval, Zul-Qadə və Zul-Hiccənin (ilk) on günü olduğunu söyləmişdir”. əl-Buxarinin səhih olmasına işarə etməklə “muəllaq” şəkildə (sənədin əvvəlində raviləri düşürməklə) gətirdiyi hədisi İbn Cərir səhih isnadla Peyğəmbərə ﷺ nisbət edərək rəvayət etmişdir. Həmçinin əl-Hakim rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtinə görə səhihdir”.
Mən deyirəm: “Bu rəy Ömər, Əli, Abdullah ibn Məsud, Abdullah ibn Cubeyr, Abdullah ibn Abbas, Əta, Tavus, Mucahid, Qatədə və digərlərindən rəvayət edilmişdir. Bu rəy eyni zamanda əş-Şafii, Əbu Hənifə və Əhməd ibn Hənbəlin məzhəbidir. Bu fikri İbn Cərir də seçərək demişdir: “İki aydan artıq olan bir zamana cəm olaraq “aylar” deyilməsi Təğlib (التَّغْلِيبُ “Təğlib” sözünün lüğəti mənası “üstün tutmaq”, “üstün etmək” deməkdir. Ərəb dilində isə cəm halda insan bildirən sözlərin cansızlarda üstün tutulmasına deyilir). (üstələmə) üslubuna görə düzgündür. Necə ki ərəblər: “Onu bu il gördüm” və ya “onu bu gün gördüm” deməklə ilin və ya günün bir qismində baş verən bir şeyi nəzərdə tuturlar. Uca Allah buyurur: “Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz” (“əl-Bəqərə”, 203). Əslində isə ziyarətin tamamlanması iki gündə deyil, bir gün yarımda olur”. 
İmam Malik ibn Ənəsin və əş-Şafiinin köhnə rəyi budur ki, həcc ayları Şəvval, Zul-Qadə və  Zul-Hiccə aylarıdır. Həmçinin bu rəy Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) də rəvayət edilmişdir. İbn Cərir İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Şəvval, Zul-Qadə və Zul-Hiccə aylarıdır”.
İbn Əbu Hatim İbn Cureycin belə dediyini nəql edir: “Bir dəfə mən Nafidən: “Abdullah ibn Ömərdən həcc aylarının adlarını saydığını eşitmisənmi?”– deyə soruşdum. O dedi: “Bəli, Abdullah həcc aylarının Şəvval, Zul-Qadə və Zul-Hiccə olduğunu demişdir”.
İbn Cureyc demişdir: “İbn Şihab, Əta və Peyğəmbərin ﷺ səhabəsi Cabir ibn Abdullah (Allah ondan razı olsun) da belə demişlər”. Bu rəvayətin İbn Cureycə kimi isnadı səhihdir. Bu rəy eyni zamanda Tavus, Mucahid, Qatədə və başqalarından da nəql edilmişdir. İmam Malikin rəyinin digər rəylərdən fərqi budur ki, Zul-Hiccə ayı həcc ibadəti üçün nəzərdə tutulan bir aydır. Həcc bitdikdən sonra Zul-Hiccə ayının qalan günlərində ümrə etmək bəyənilmir. Bu ayın yalnız həccə məxsus bir ay olması mənasına gəlir, yoxsa qurban kəsilən gecədən sonra həcc etməyin doğru olması mənasına gəlmir.
İbn Əbu Hatim Abdullahın ibn Məsud (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Həcc bəlli aylardadır. Bu aylarda ümrə edilmir”. (İbn Əbu Hatim, 1818; əl-Beyhəqi “Sunənul-Kubra” 8668). Bu hədisin isnadı səhihdir. İbn Cərir demişdir: “Həcc aylarının Şəvval, Zul-Qadə və Zul-Hiccə olduğunu deyənlər bununla bu ayların yalnız həcc ayları olub, ümrə üçün nəzərdə tutulmadığını demək istəmişlər. Baxmayaraq ki Mina günlərinin bitməsi ilə həcc ibadəti bitmişdir. Muhəmməd ibn Sirin də dediyi kimi: “Həcc aylarından başqa aylarda edilən ümrənin həcc aylarında edilən ümrədən daha əfzəl olmasına elm əhlindən heç kəs şübhə etmir”.
Mən deyirəm: “Ömər və Osmandan (Allah ondan razı olsun) sabit olmuşdur ki, onlar ümrəni həcc aylarından başqa aylarda etməyi xoşlayardılar və həcc aylarında ümrə etməyi qadağan edərdilər. Ən doğrusunu Allah bilir”.
Uca Allah buyurur: “Bu aylarda həcci yerinə yetirməyi (niyyət etməklə) özünə vacib edən kəs”, yəni həcc üçün niyyət edərək ehrama girən və həcci özünə vacib edən kəs nəzərdə tutulur. Bu ayədə həcc üçün niyyət edərək ehrama girməyin və bu niyyətlə həcci davam etdirməyin vacib olduğuna dəlil var. İbn Cərir demişdir: “Təfsir alimləri burada “vacib” sözünün “üzərinə məsuliyyət götürmək” mənasında olduğuna icma etmişlər”. Abdullah ibn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: “Həcc və ya ümrə məqsədilə ehrama girərsə”. Əta demişdir: “Vacib etmək – ehrama girməkdir”. İbn Əbu Hatim Abdullah ibn Məsuddan, Abdullah ibn Abbasdan, Abdullah ibn əz-Zubeyrdən, Mucahiddən və Qatədədən də buna bənzər rəvayətlər nəql etmişdir. Tavus və əl-Qasim İbn Muhəmməd isə buradakı vacib etmənin “təlbiyə” olduğunu söyləmişlər.
Uca Allah buyurur: “Həcc ziyarəti əsnasında qadını ilə yaxınlıq etməməli”, yəni hər kim həcc və ya ümrə üçün niyyət edib ehrama girərsə, artıq qadınlarla cinsi əlaqədə olmaqdan çəkinsin. Bu ayədə işlənən الرَّفَثُ [ər-rafəs] sözü “cinsi əlaqədə olmaq” deməkdir. Uca Allah: “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi” (“əl-Bəqərə”, 187) ayəsində də bu sözü işlətmişdir. Həmçinin qucaqlamaq və öpmək kimi cinsi əlaqəyə səbəb olan əməlləri etmək də haramdır. Bu barədə (cinsi əlaqə haqda) qadınların olduğu yerdə danışmaq da qadağandır. İbn Cərir Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bu ayədəki الرَّفَثُ [ər-rafəs] sözü “cinsi əlaqədə olmaq” deməkdir və bu mövzuda danışmaq da buna aiddir. Bu barədə həm qadınlara, həm də kişilərə danışmaq qadağandır”.
İbn Cərir Əbul-Aliyədən, o da İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, İbn Abbas ehramda ikən ahənglə bu şeiri səsləndirirdi:
 
Səssizcə gedirdi dəvələr bizimlə,
əgər arzum həyata keçsə, Ləmisəylə muradıma çatacam.
 
Əbul-Aliyə dedi: “Mən ona: “Ehramlı olduğun halda qadınlarla yaxınlıq etməkdən danışırsan?”- dedim. O dedi: “Xeyr, qadağan olunan budur ki, ehramda ikən qadınların yanında bu barədə danışasan”. (ət-Tabəri, 3574, 3598).
Həmçinin İbn Cərir Huseyn ibn Qeysin belə dediyini rəvayət etmişdir: “Mən həcc vaxtı Abdullah ibn Abbasla birlikdə Məkkəyə yollanırdım. Onunla yol yoldaşı idik. Niyyət edib ehramı geyindikdən sonra İbn Abbas dəvəsinin quyruğunu əlinə alaraq onu bükür və ibarə ilə bu şeiri oxuyurdu:
 
Səssizcə gedirdi dəvələr bizimlə,
əgər arzum həyata keçsə, Ləmisəylə muradıma çatacam.
 
Huseyn ibn Qeys dedi: “Mən ona: “Ehramlı olduğun halda qadınlarla yaxınlıq etməkdən danışırsan?”- dedim. O dedi: “Xeyr, qadağan olunan ehramda ikən qadınların yanında bu barədə danışmaqdır”. Əta demişdir: “Ayədə keçən الرَّفَثُ [ər-rafəs] sözü cinsi əlaqə və bundan aşağı olan yaramaz sözlər danışmaqdır”. Amr ibn Dinar da belə demişdir. Əta demişdir: “Səhabələr ehramda olarkən cinsi əlaqədən danışmağı qadağan edərdilər”. Tavus demişdir: “Ayədə keçən الرَّفَثُ [ər-rafəs] sözü qadına: “Ehramdan çıxdıqdan sonra səninlə yaxınlıq edəcəm”, – deməkdir”. Rəvayət olunur ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə keçən الرَّفَثُ [ər-rafəs] sözü qadını həvəsə gətirib öpmək və əllə toxunmaqdır. Həmçinin ona ədəbsiz sözlərlə yaxınlaşmaq və buna bənzər davranışlardır”. (ət-Tabəri, 3573, 3597).
Uca Allah buyurur: “Günah işlər görməməli”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni asiliklər etməməlidir”. Əta, Mucahid, Səid ibn Cubeyr və başqaları da belə demişlər. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Ayədə “günah işlər” dedikdə ehramda ikən ov etmək və ya başqa şəkildə Allahın günah saydığı şeyləri etmək nəzərdə tutulur”.
Digər alimlər demişlər: “Ayədə “günah işlər” dedikdə söyüş söymək nəzərdə tutulur”. Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn əz-Zubeyr, Mucahid və başqaları (Allah onlardan razı olsun) da belə demişlər. Bunu deyənlər “Səhih” əsərində sabit olan bu hədisə əsaslanmışlar: “Müsəlmanı söymək günah, öldürmək isə küfrdür”. (əl-Buxari, 48). Bu səbəbdən böyük alim Əbu Muhəmməd ibn Əbu Hatim Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Müsəlmanı söymək günah, öldürmək isə küfrdür”. (Burada Abdullah ibn Məsud nəzərdə tutulur. Hədisi Əhməd “əl-Musnəd” əsərində (3647, 3903, 3957, 4126) və Əbu Davud istisna olmaqla bir çox hədis alimləri rəvayət etmişlər. (Əhməd Şakir).
Bu ayədə keçən “günah işlər” sözü ilə hər növ günahın nəzərdə tutulduğunu deyənlər doğru demişlər. Necə ki Uca Allah haram aylarda zülmü qadağan etmişdir. Baxmayaraq ki, zülm ilin bütün aylarında qadağandır, haram aylarda isə daha çox qadağandır. Bu səbəbdən Uca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki bu aylarda özünüzə zülm etməyin” (“Tövbə”, 36). Həmçinin buyurur: “Kafir olanlara insanları həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidul-Haramdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq” (“əl-Həcc”, 25). İbn Cərir isə bu ayədə keçən “günah işlər” sözünün ehramda ikən ov etmək və sair kimi qadağan olunan əməllərin nəzərdə tutulduğunu deyən alimlərin rəyini götürmüşdür. Lakin bizim qeyd etdiyimiz daha uyğundur. Ən doğrusunu Allah bilir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim bu Evə (Kəbəyə) həcc ziyarətini yerinə yetirmək üçün gələrsə (ziyarət əsnasında) qadını ilə yaxınlıq etməsə və (digər) günah işlərdən çəkinsə, günahlardan təmizlənərək dünyaya gəldiyi gündə olduğu kimi olar”. (əl-Buxari, 1723, 1819).
Uca Allah buyurur: “və mübahisələrə qoşulmamalıdır”. Bu barədə iki fərqli rəy var:
Birinci rəy budur ki, həcc edən həcc ibadəti ilə əlaqəli heç bir mübahisəyə qoşulmamalıdır və həcc ehkamları barədə mübahisə etməməlidir. Çünki Uca Allah həccin ehkamlarını tam şəkildə açıqlamış və ən mükəmməl şəkildə izah etmişdir. Necə ki Mucahid “və mübahisələrə qoşulmamalıdır” ayəsinin təfsirində demişdir: “Allah həcc aylarını bildirmişdir. Bu mövzuda insanlar arasında mübahisə olmamalıdır”. Rəvayət edilir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) “və mübahisələrə qoşulmamalıdır” ayəsi barədə belə demişdir: “Həcc barədə mübahisələrə qoşulmamalıdır”. Malik demişdir. “Həcdə mübahisə etmək məsələsi – ən doğrusunu Allah bilir – belədir ki, qureyşlilər Muzdəlifədə Məşərul-Haramda dayanardılar. Ərəblər və digərləri isə Arafada dayanardılar. Onlar arasında mübahisə olurdu. Qureyşlilər: “Biz daha doğru edirik”, – deyirdilər. Onlar isə: “Xeyr, biz daha doğru edirik”, – deyirdilər. Bizə görə, Uca Allahın “və mübahisələrə qoşulmamalıdır” ayəsi bu mənadadır. Ən doğrusunu Allah bilir.
İkinci rəyə görə isə buradakı “mübahisə” sözünün mənası “dava-dalaş” deməkdir. İbn Cərir rəvayət edir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) “və mübahisələrə qoşulmamalıdır” ayəsi barədə demişdir: “Bu, həcc yoldaşını qəzəbləndirənə qədər onunla münaqişə etməyindir”. İbn Abbas da belə demişdir. İbn Ömərin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Həcdə mübahisə etmək söyüş söymək və dalaşmaqdır”. İbn Əbu Hatim və İkrimə demişlər: “Həcdə mübahisə etmək sənin bir müsəlmanı qəzəbləndirməyindir. Lakin bir köləni döymədən, danlamaqla qəzəbləndirmiş olsan, İn şəə Allah bunda bir şey yoxdur”.
Mən deyirəm: “Əgər (ehramda ikən) köləni döysə belə, bu icazəlidir. Buna dəlil isə İmam Əhmədin Əsmə bint Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Əsmə bint Əbu Bəkr (Allah ondan razı olsun) demişdir: “Biz həcc etmək məqsədilə Peyğəmbərlə ﷺ birlikdə (yola) çıxdıq. əl-Arc deyilən yerə çatdığımızda Peyğəmbər ﷺ (minik heyvanından) endi. Biz də endik. Aişə Peyğəmbərin ﷺ yanında oturdu, mən də atamın yanına oturdum. Əbu Bəkrlə Peyğəmbərin ﷺ (ikisinin ortaq istifadə etdiyi) bir yük heyvanı vardı. O, Əbu Bəkrin xidmətçisinin yanında idi. Əbu Bəkr oturub xidmətçisinin (heyvanı ilə birlikdə) gəlməsini gözləyirdi. Bu zaman xidmətçi gəldi, (lakin) yanında yük heyvanı yox idi. Əbu Bəkr ondan: “Dəvən haradadı?”- deyə soruşdu. (O da): “Dünən gecə onu itirdim”, – dedi. Əbu Bəkr: “Bir dənə heyvan (var idi), sən də onu itirdin?”- dedi və ona vurmağa başladı. Peyğəmbər ﷺ gülümsəyərək belə dedi: “Bu ehramlıya baxın, nə edir?” (Əhməd, 26916, 26961, 27455; Əbu Davud, 1818; İbn Məcə, 2933. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4039). Əbu Davud və İbn Məcə də bu hədisi belə rəvayət etmişlər. (“əl-Musnəd” (6/344, Hələb nəşri). Hədis Əbu Davudda Əhməd ibn Hənbəldən rəvayət edilir (818). İbn Məcədə, 2933. (Əhməd Şakir). Peyğəmbərin ﷺ Əbu Bəkr barədə: “Bu ehramlıya baxın, nə edir?”- deməsində yüngül qınaq olduğu üçün ən yaxşısı bu cür əməli tərk etməkdir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Sizin etdiyiniz yaxşılıqları Allah bilir”. Uca Allah həcc edənləri sözdə və əməldə pisliklərdən çəkindirdikdən sonra yaxşılıqlar etməyə təşviq edir və Allahın bunu bildiyini, Qiyamət günündə bu yaxşılıqların mükafatını artıqlaması ilə verəcəyini xəbər verir.
Uca Allah buyurur: “Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır”. əl-Buxari və Əbu Davud İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edirlər: “Yəmən əhli həccə gedərkən özləri ilə yol azuqəsi götürməzdi və belə deyərdi: “Biz Allaha təvəkkül edirik”. Uca Allah da bu ayəni nazil etdi: ”Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” (əl-Buxari, 1426, 1523). Bu hədisi həmçinin Abd ibn Humeyd və İbn Hibban “Səhih” əsərində rəvayət etmişlər. (əl-Buxari (3/303-304), Əbu Davud (1730). Hədisi həmçinin ən-Nəsəi və İbn əl-Munzir rəvayət etmişlər. “əd-Durrul-Mənsur” əsərində bildirildiyi kimi (1/220), (Əhməd Şakir). İbn Cərir və İbn Mərdəveyh İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, “İnsanlar ehrama girdikləri zaman özləri ilə gətirdikləri azuqələri atardılar və başqa bir azuqə əldə edərdilər. Bu səbəbdən Uca Allah bu ayəni nazil etdi: “Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır” və bu əməl qadağan olundu. Allah bu ayə ilə onlara un, sıyıq və şirin çörək kimi azuqələr götürməyi əmr etdi”. (ət-Tabəri, 3729, 3752). Mucahid, İkrimə, əş-Şabi, ən-Nəxai, Səlim ibn Abdullah, Qatədə və başqaları da belə demişlər.
Uca Allah möminlərə dünya həyatında səfərə çıxarkən azuqə götürməyi əmr etdiyi kimi, Axirət azuqəsinə də yönəldərək buyurur: “Ən yaxşı azuqə isə təqvadır”. Axirət azuqəsi isə Allah qorxusudur. Necə ki başqa bir ayədə buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir” (“əl-Əraf”, 26). Uca Allah bu ayədə də maddi libası qeyd etdikdən sonra diqqəti mənəvi libasa çəkmişdir. Mənəvi libas isə mütilik, itaət və Allah qorxusudur. Uca Allah bildirmişdir ki, mənəvi libas maddi libasdan daha xeyirli və daha faydalıdır. əl-Hafiz ət-Tabərani Cərir ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim bu dünyada (təqva) azuqə toplayarsa, Axirətdə ona fayda verər”. (əl-Hafiz İbn Kəsirin burada qeyd etdiyi isnad səhihdir. Hədisin raviləri etibarlıdır (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 2222. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4666).
Uca Allah buyurur: “Məndən qorxun, ey ağıl sahibləri!” – yəni Mənim əzabımdan, Mənə müxalif olanlara verəcəyim cəzadan qorxun! Ey ağıl və dərrakə sahibləri, Mənim əmrimə tabe olmayanları gözləyən şiddətli əzabdan qorxun!
əl-Bəqərə, 198
لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ
198. Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Arafatdan axışıb gəldikdə Məşərul-Haramda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki bundan əvvəl siz azmışlardan idiniz.

 
əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) dediklərini rəvayət edir: “Cahiliyyə dövründə Ukaz, Məcənnə və Zul-Məcaz ticarət mərkəzləri idi. İslam gəldikdən sonra isə günah qazanmamaq üçün tövbə edib o yerlərdə ticarət etməkdən əl çəkdilər və Uca Allah bu ayəni nazil etdi: [Həcc mövsümündə] (“Həcc mövsümündə” ifadəsi İbn Abbasın (Allah ondan razı olsun) əlavəsidir, Qurandan deyildir. “Fəthul-Bari” 8/34). “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir”. (əl-Buxari (8/139). Hədisin təxrici barədə ət-Tabəridə danışmışıq (3791), (Əhməd Şakir). əl-Buxari, 1992, 2098, 4519; Əbu Davud, 1734).
Abdur-Razzəq və Səid ibn Mənsur da belə rəvayət etmişlər. Əbu Davud və başqaları İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Müsəlmanlar həcc mövsümünün Allahı zikr etmək günləri olduğunu söyləyərək, bu arada alış-veriş və ticarət etməkdən çəkinirdilər. Bu səbəbdən Uca Allah bu ayəni nazil etdi: “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir”. (Əbu Davud, 1733. Hədis səhihdir). İbn Cərir Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə ondan həcc edərək ticarətlə məşğul olan bir kişi barədə soruşuldu. İbn Ömər (Allah ondan razı olsun) Uca Allahın bu ayəsini oxudu: “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir”. (ət-Tabəri, 3770, 3793). Bu rəvayət İbn Ömərin (Allah ondan razı olsun) sözü olaraq rəvayət olunsa da, sənəd baxımından güclüdür. (ət-Tabəri (3770), (Əhməd Şakir). Həmçinin Peyğəmbərə ﷺ nisbət olunaraq da rəvayət olunur. Belə ki Əhməd Əbu Uməmə ət-Teyminin belə dediyini rəvayət edir: “Mən Abdullah ibn Ömərə dedim: “Həqiqətən, biz həcc mövsümündə muzdla pul qazanırıq. Bizim həccimiz düzgündürmü?” İbn Ömər (Allah ondan razı olsun) dedi: “Məgər siz Kəbəni təvaf etmirsinizmi? Ərəfadan [Müzdəlifəyə] yollanmırsınızmı? Camarata daş atmırsınızmı? Başınızı qırxdırmırsınızmı?” Mən onun bütün suallarına: “Bəli”, – deyə cavab verdikdə o dedi: “(Həccin doğrudur). Belə ki bir kişi Peyğəmbərin ﷺ yanına gəldi və sənin mənə verdiyin bu sualı ona verdikdə o susdu və Cəbrail ona bu ayəni nazil etdi: “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir”. Peyğəmbər ﷺ sual verəni yanına çağırdı və ona dedi: “Həcciniz doğrudur”. (Əhməd, 6434. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). [İbn Əbu Hatim və ət-Tabəri də bu hədisi Peyğəmbərə ﷺ nisbət etmişlər]. (“əl-Musnəd” (6434, 6435), ət-Tabəri (3765). İbn Kəsir bu hədisi iki isnadla – İbn Əbu Hatimin və ət-Tabərinin rəvayət etdikləri isnadlarla gətirmişdir. Hər iki rəvayət “əl-Musnəd” əsərində gələn hədislə eyni mənadadır. (Əhməd Şakir). İbn Cərir rəvayət edir ki, Ömərin (Allah ondan razı olsun) azad etdiyi köləsi Əbu Saleh demişdir: “Bir dəfə mən Ömərə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Siz həcc edəndə ticarətlə məşğul olurdunuzmu?” Ömər dedi: “Məgər onların həcdən başqa qazanc yerlərimi vardı?!” (ət-Tabəri (3788). İsnadı “həsən”dir (Əhməd Şakir). ət-Tabəri, 3788, 3811).
Uca Allah buyurur: “Arafatdan axışıb gəldikdə Məşərul-Haramda Allahı yada salın!” Burada, عَرَفَاتٌ [Arafə:tun] “Arafat” sözü qadın cinsində olan xüsusi isim olduğuna baxmayaraq, tənvin qəbul etmişdir. (Ərəb dilinin qrammatikasına görə, qadın cinsində olan xüsusi isimlər tənvin qəbul etmirlər. “Tənvin” sözün sonundakı sakin “nun” hərfidir). Çünki, əslində, bu söz مُسْلِمَاتٌ [muslimə:tun] “müsəlman qadınlar” və مُؤْمِنَاتٌ [muminə:tun] “mömin qadınlar” sözləri kimi cəmdədir. “Arafat” sözü burada müəyyən bir bölgənin adıdır. Bu səbəbdən əsil etibarilə tənvin qəbul etmişdir. İbn Cərir də bu rəyi seçmişdir.
Arafat – həcc ibadətində (dua etmək üçün) durulan məkandır. Arafatda durmaq həccin əsas əməllərindəndir. Bu səbəbdən İmam Əhməd və digər “Sunən” əsərlərinin müəllifləri səhih isnadla rəvayət etmişlər ki, Abdur-Rahmən ibn Yamər əd-Dili (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Həcc Arafatdır”. Peyğəmbər ﷺ bunu üç dəfə təkrarladı. Sonra dedi: “Kim dan yeri sökülmədən Arafata yetişsə, həccə çatmışdır. Mina günləri üçdür. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz”. (Əbu Davud, 1951. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1064).  
Arafatda durmaq zamanı Arafat günü günəş zenitdən batmağa doğru meyil etdikdən bayram günü səhər dan yeri sökülənə qədərdir. Çünki Peyğəmbər ﷺ vida həccində, Zöhr namazını qıldıqdan sonra günəş batana qədər Arafatda durmuş və “Həccin ayinlərini məndən götürün!” – demişdir. Eyni hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim (bayram günü) dan yeri sökülmədən Arafata yetişsə, həccə yetişmişdir”. Bu, İmam Malik, Əbu Hənifə və əş-Şafiinin məzhəbidir. Allah onlara rəhmət eləsin!
İmam Əhməd isə Arafatda durma vaxtının Arafat gününün əvvəlindən başladığını demişdir. Bu rəydə olanlar dəlil olaraq Urvə ibn Mudarris ibn Hərisə ibn Ləm ət-Taidən (Allah ondan razı olsun) rəvayət edilən hədisi göstərmişlər. Urvə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Muzdəlifədə olanda onun yanına gəldim. O, (Sübh) namazına çıxmağa hazırlaşırdı. Mən dedim: “Ey Allahın Elçisi! Mən Tayy dağından gəlirəm. Heyvanımı və özümü yordum. Allaha and olsun ki, (yol boyunca) hər bir dağın üstündə dayandım. Mən həcc etmiş sayılırammı?” Peyğəmbər ﷺ dedi: “Kim buranı tərk edənə qədər bizimlə birlikdə bu namaza (Sübh) çatsa və bundan əvvəl gündüz və ya gecə Arafatda dursa, həcci tamam olar və həcc ayinlərini yerinə yetirmiş olar”. (ət-Tirmizi, 891, 900. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1066). Bu hədisi İmam Əhməd və “Sunən” əsərlərinin müəllifləri rəvayət etmişlər. ət-Tirmizi hədisi səhih saymışdır. (“əl-Musnəd” (16277, 16278), (3/15, Hələb nəşri), Əbu Davud (1950). Həmçinin əl-Buxari “ət-Tarixul-Kəbir” (4/1/31) əsərində Urva ibn Mudarrisin (Allah ondan razı olsun) tərcümeyi-halında rəvayət etmişdir. (Əhməd Şakir). Arafat Məşərul-Hələl, Məşərul-Əqsa və İləl də adlanır. İləl sözü “hiləl” vəznindədir. Arafatın tam ortasında olan təpəyə isə Cəbəlul-Rahmə “Rəhmət dağı” deyilir.
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Cahiliyyə dövründə insanlar Arafatda dayanardılar. Günəş göyün tam ortasında – sanki kişilərin başında bir əmmamə kimi olanda oradan gedərdilər. Peyğəmbər ﷺ isə Arafatdan getməyi günəş batana qədər gecikdirdi”. (İbn Əbu Hatim, 1849; İbn Xuzeymə, 2838). Bu hədisi İbn Mərdəveyh rəvayət etmiş və bu sözləri əlavə etmişdir: “Sonra Peyğəmbər ﷺ Muzdəlifədə dayandı. Sübh namazını hava işıqlanmamış qıldı. Hər tərəf işıqlandıqda sübhün son vaxtında Muzdəlifədən tərpəndi”. Bu hədisin isnadı həsəndir.
əl-Misvər ibn Məxramənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Peyğəmbər ﷺ Arafatda bizə xütbə verdi. Allaha həmd və səna etdi, sonra dedi: “Sonra isə: (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - xütbəsinə həmişə “sonra isə” ifadəsi ilə başlayardı). Həqiqətən, bu gün böyük həcc günüdür. Bilin ki, şirk əhli və bütpərəstlər günəş batmazdan əvvəl dağların zirvəsində olarkən, işığı isə kişilərin üzündə başlarındakı əmmamələr kimi parıldadıqda Arafatdan gedərdilər. Biz isə müşriklərin etdiklərinin əksi olaraq günəş batdıqdan sonra gedirik”. Hədisi İbn Mərdəveyh bu cür rəvayət etmişdir. Hədisin mətni də ona aiddir. Hədisi əl-Hakim də rəvayət etmiş və demişdir: “Bu hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir. Lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim, 3097, 6229). Qeyd etdiyimiz hədisdən göründüyü kimi, əl-Misvərin (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ hədis eşitməsi sabitdir. Yoxsa bəzi yoldaşlarımızın və onların tərəfdarlarının zənn etdikləri kimi, əl-Misvər Peyğəmbəri ﷺ görüb, lakin ondan hədis eşitməyən səhabələrdən deyil. (əl-Mustədrək (3/523-524). əz-Zəhəbi hədisin əl-Buxari və Muslimin şərtinə görə səhih olması ilə razılaşmışdır. Hədisi əl-Heysəmi “Məcməuz-Zavaid” kitabında (3/255) qeyd etmiş və demişdir: “ət-Tabəri “əl-Kəbir” əsərində rəvayət etmişdir. Hədisi rəvayət edənlər “Səhih” əsərində adları keçən ravilərdir”. (Əhməd Şakir). Muslimin “Səhih” əsərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunan uzun hədisdə o, Peyğəmbərin ﷺ Arafatda duruşunu vəsf edərək demişdir: “Peyğəmbər ﷺ gün batanadək Arafatda dayandı. Elə ki günəş üfüqdə tamamilə itdi və azacıq saraltısı qaldı, bu vaxt Usaməni tərkinə aldı və yola düşdü. Peyğəmbər ﷺ yola düşdükdə əl-Qəsvanın (dəvəsinin) yüyənini o qədər çəkmişdi ki, az qala dəvənin başı üzəngiyə toxunurdu və sağ əli ilə işarə edərək: “Ey insanlar, aram-aram hərəkət edin!” – deyirdi. Qumluq təpəyə gəlib çatanda təpəni rahat qalxsın deyə dəvənin yüyənini boşaldardı. Nəhayət, gəlib Müzdəlifəyə çatdı. Orada Məğrib və İşa namazlarını bir azan, iki iqamə ilə qıldı və onların arasında heç nə qılmadı. Sonra uzanaraq Sübh namazına kimi yatdı. Sübh namazının girdiyi bəlli olduqda bu namazı bir azan və bir iqamə ilə qıldı. Sonra əl-Qəsvanın tərkinə qalxıb Məşərul-Haram deyilən yerə gəldi. Üzünü qibləyə çevirib dua etdi. Ona (Allaha) təkbir (Allahu Əkbər), təhlil (Lə iləhə illəllah) gətirdi və Allahın təkliyinə dəlalət edən dualar etdi. Hava tam işıqlanana kimi dayandı və günəş doğmadan yola düşdü”. (Muslim, 2137, 3009). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Usəmədən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə ondan soruşdular: “Vida həccində Peyğəmbər ﷺ Arafatdan (Muzdəlifəyə) gedərkən necə hərəkət edirdi?” O dedi: “(Peyğəmbər - ona Allahın salavatı və salamı olsun) aramla hərəkət edərdi; yol açıq olduqda isə dəvəsini tez sürüb gedərdi”. (əl-Buxari, 1555, 1666). Hədisdə gələn الْعنق [əl-ənəq] sözü “Aramla hərəkət etmək” deməkdir. النص [ən-nass] sözü isə daha sürətlə getməyə deyilir.
Amr ibn Məymun demişdir: “Mən Abdullah ibn Amrdan Məşərul-Haram barədə soruşduqda o susdu. Nəhayət, miniklərimizin ayağı Muzdəlifəyə dəydikdə dedi: “Məşərul-Haram barədə soruşan haradadır? Məşərul-Haram budur”. Abdur-Razzəq İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Muzdəlifənin hamısı Məşərul-Haramdır”.
Mən deyirəm: “Məşair – açıq-aydın əlamətlər deməkdir. Muzdəlifənin Məşərul-Haram adlandırılmasına səbəb onun Haramın hüdudları daxilində yerləşməsidir. Muzdəlifədə durmağın hökmü barədə alimlərin üç rəyi var. Birinci rəy budur ki, Muzdəlifədə durmaq həccin rüknü sayılır və həcc yalnız bununla tamamlanır. Bu rəyi sələf alimlərinin bir qrupu və əl-Qaffəl və İbn Xuzeymə də olmaqla əş-Şafii məzhəbinin bəzi davamçıları demişlər. Bu rəyi deyənlərin dəlili isə əvvəl keçən Urva ibn Mudarrisin (Allah ondan razı olsun) hədisidir. İkinci rəy budur ki, Muzdəlifədə durmaq vacibdir və bunu tərk edənin üzərinə qurban kəsmək düşür. Bu rəy əş-Şafiinin iki rəyindən biridir. Üçüncü rəy isə budur ki, Muzdəlifədə durmaq müstəhəbdir və bu əməli tərk edənin üzərinə heç nə düşmür. Bu məsələ daha ətraflı burada deyil, başqa yerdə gələcək. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin”. Uca Allah burada müsəlmanları doğru yola yönəltməklə və onlara Allahın sevimli dostu İbrahimin (ona salam olsun) etdiyi kimi, həcc ayinlərini bəyan edib göstərməklə verdiyi nemətini xatırladır. Bu səbəbdən buyurur: “Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz”. Bu ayədə “bundan əvvəl” deməklə nəyin nəzərdə tutulduğu barədə müxtəlif rəylər var. Bəziləri demişlər: “Yəni bu hidayətdən əvvəl”. Bəziləri isə demişlər: “Yəni bu Qurandan əvvəl”. Bəziləri “Yəni bu Peyğəmbərdən ﷺ əvvəl” demişlər. Bu mənaların hamısı bir-birinə yaxın, bir-biri ilə əlaqəlidir və hər üçü doğrudur.
əl-Bəqərə, 199
ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
199. Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

 
Bu ayədə “sonra” mənasını verən ثُمَّ [summə] bağlayıcısı bir xəbəri digər xəbərə bağlamaq və hadisələr arasında tərtibi bildirmək üçündür. Sanki Uca Allah Arafatda durana Məşərul-Haramda Allahı yada salmaq üçün Muzdəlifəyə getməsini əmr edir. Həmçinin Arafatda camaatla birlikdə durmağı əmr edir. Necə ki (cahiliyyə dövründə) qureyşlilərdən başqa bütün həcc edənlər Arafatda durardı. Qureyşlilər Haramın hüdudlarından kənara çıxmırdılar. Onlar Haramın ərazisinin kənarında, Haram sərhədinə yaxın bir yerdə dayanar və deyərdilər: “Biz Allahın diyarındakı Allahın əhliyik və Onun evinin sakinləriyik”.
əl-Buxari Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “(Cahiliyyə dövründə) Qureyşlilər və onların dinində olanlar (Burada Xuzaə, Amir ibn Səsəa və Kinanə qəbilələri nəzərdə tutulur). (ziyarət əsnasında) Muzdəlifədə dayanardılar. Onlar əhməsilər (İslamaqədərki dövrdə bəzi ərəb qəbilələri, o cümlədən də qureyş qəbiləsi “əhməsi”, yəni imanında və əqidəsində səmimi olanlardan sayılırdılar. Onların əqidəsinə görə, Arafatda durmaq vacib sayılmırdı). adlanırdılar. Digər ərəblər isə Arafatda dayanardılar. İslam dini gəldikdən sonra Allah Öz peyğəmbərinə ﷺ əmr etdi ki, əvvəlcə Arafatda dayansın, sonra oradan çıxıb (Muzdəlifəyə) getsin. Bu haqda Uca Allahın ayəsində belə deyilir: “Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin”. (əl-Buxari, 4158, 4520). İbn Abbas, Mucahid, Qatədə  və digərləri  də belə demişlər. İbn Cərir də bunu seçmiş və bu mövzuda icma (alimlərin yekdil rəyi) olduğunu bildirmişdir. İmam Əhməd Cubeyr ibn Mutimin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Arafa günü mənim dəvəm itdi və mən onu axtarmağa getdim. (Bu vaxt) Peyğəmbərin ﷺ Arafatda dayandığını görəndə (öz-özümə) dedim: “Vallahi bu adam əhməsidir. Elə isə onun burada nə işi var?” (Əhməd, 16783, 16858. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Bu hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər. Sonra əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bu ayədə “gəlmək” deyildikdə Camaratı daşlamaq üçün Muzdəlifədən Minaya gəlmək nəzərdə tutulur. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”. Uca Allah əksər hallarda ibadətləri yerinə yetirdikdən sonra Allahı zikr etməyi əmr edir. Bu səbəbdən Muslimin “Səhih” əsərində sabit olmuşdur ki, Peyğəmbər ﷺ fərz namazını bitirdikdən sonra üç dəfə “Əstəğfirullah” (Allahdan bağışlanma diləyirəm) deyirdi. (Muslimin “Səhih” əsərində (1/162) Sovbəndən (Allah ondan razı olsun) rəvayət olunan hədisdən ixtisar olunmuşdur. (Əhməd Şakir). əl-Buxari və Muslimin “Səhih” əsərlərində sabit olmuşdur ki, Peyğəmbər otuz üç dəfə “subhənallah” (Allah pak və müqəddəsdir), otuz üç dəfə “əlhəmdulilləh” (Allaha həmd olsun), otuz üç dəfə də “Allahu Əkbər” (Allah ən Böyükdür) deməyi bəyənərdi. (əl-Buxari, 798, 843). İbn Cərir bu ayənin təfsirində əl-Abbas ibn Mərdəs əs-Suləmidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Arafat günü axşama yaxın ümməti üçün Allahdan bağışlanma istədi. (ət-Tabəri (3843). Həmçinin Abdullah ibn Əhməd “əl-Musnəd” kitabında əlavələrdə (16278), (4/14-15, Hələb nəşri) və İbn Məcə (3013) rəvayət etmişlər. Hədisin təxrici barədə ət-Tabəridə ətraflı danışmışıq. (Əhməd Şakir). Əhməd, 16252; İbn Məcə, 3013. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 2603).
əl-Buxari Şəddəd ibn Əvsin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Ən üstün istiğfar belədir: “Allahım, Sən mənim Rəbbimsən. Səndən başqa haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Bacardığım qədər Sənə verdiyim əhdə və vədə sadiq qalacağam. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!” (Transkripsiyası: [Alla:hummə, Əntə Rabbi lə ilə:hə illə Ənt, xaləqtəni və ənə abdukə və ənə alə ahdikə və və'dikə məstətə'tu, əu:zu bikə min şərri mə: sanə'tu. Əbuu ləkə bini'mətikə aleyyə və əbuu ləkə bizənbi. Fəğfirli fə innəhu: lə: yəğfiruz-zunu:bə illə Ənt]). (Sonra Peyğəmbər - ona Allahın salavatı və salamı olsun) buyurdu: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar”. (“Fəthul-Bari” (11/83-84). Həmçinin Əhməd “əl-Musnəd” əsərində (17179), (4/122, Hələb nəşri) rəvayət etmişdir (Əhməd Şakir). əl-Buxari, 5831, 5947, 6306). əl-Buxari və Muslim “Səhih” əsərlərində Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bir dəfə Əbu Bəkr Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Mənə namazda edəcəyim bir duanı öyrət”. Peyğəmbər ﷺ (cavabında) buyurdu: “De: “Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən! (“Fəthul-Bari” (2/264-265, 11/111-112), Muslim (2/313), “əl-Musnəd” (8, 28). Çap olunmuş nüsxədə Abdullah ibn Ömər (Allah ondan razı olsun) yazılmışdır. Bu səhvdir. Doğru olan Abdullah ibn Amrdır (Allah ondan razı olsun) (Əhməd Şakir).
Duanın transkripsiyası: [Alla:hummə inni zaləmtu nəfsi zulmən kəsi:ran və lə: yəğfiruz-zunu:bə illə Ənt, fəğfir li məğfiratən min indikə vərhəmni, innəkə Əntəl-Ğafu:rur-Rahim]. (əl-Buxari, 790, 834, 6326). İstiğfar (Allahdan bağışlanma diləmək) barədə rəvayət olunan hədislər çoxdur.
əl-Bəqərə, 200-202
فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ * وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ * أُولَئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
200. Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!”- deyənlər vardır. Belə şəxslərin Axirətdə heç bir payı yoxdur.
201. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”- deyənləri də vardır.
202. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.

 
Uca Allah həcc ayinlərini yerinə yetirib bitirdikdən sonra Onu yad etməyi əmr edir. Ayədə keçən “atalarınızı yad etdiyiniz kimi” ifadəsinin mənası barədə alimlər arasında fikir ayrılığı vardır. Əta demişdir: “Bu ifadə uşağın valideynlərinə “atacan, anacan” deməsi kimidir”. Yəni bir uşağın anasının və atasının adını təkrarlamağa adət etdiyi kimi, siz də həcc ayinlərini bitirdikdən sonra Allahın adını təkrarlamağa adət edin. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Cahiliyyə dövründə insanlar həcc mövsümündə dayanar və içlərindən biri: “Atam kasıblara yemək yedizdirərdi, insanların arasını islah edərdi”, – deyərək atalarının etdiklərini sadalayardılar. Onlar atalarının etdiklərindən başqa bir şey xatırlamazdılar. Bu səbəbdən Uca Allah Muhəmmədə ﷺ “Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin!” ayəsini nazil etdi”. (İbn Əbu Hatim, 1870; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 108. Hədis səhihdir). İbn Əbu Hatim demişdir: “Ənəs ibn Malik, Əbu Vail, Əta ibn Əbu Rabəhə nisbət edilən iki rəydən birində Səid ibn Cubeyr, Mucahid və başqalarının da belə dedikləri rəvayət edilir”. İbn Cərir də bir toplum alimlərdən eyni şeyi nəql etmişdir. Ən doğrusunu Allah Bilir.
Bu ayənin məqsədi müsəlmanları Uca və Qüdrətli Allahı zikr etməyə təşviq etməkdir. Bu səbəbdən ayədə أَوْ أَشَدَّ ذِكْرًا [əu əşəddə zikran] “hətta bundan da artıq“ ifadəsi qrammatik cəhətdən “təmyiz” olduğu üçün mənsubdur (təsirlik haldadır). Bu təqdirdə məna belədir: “Atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin!” Burada iki cümlə arasında işlənmiş أَوْ [əu] “hətta” ədatı hər iki cümlədə xəbərin bənzərliyini bildirmək üçündür. Necə ki Uca Allah bu ayədə buyurur: “Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu” (“əl-Bəqərə”, 74); “Onlara vuruşmaq vacib edildikdə içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular” (“ən-Nisa”, 77); “Biz onu yüz minə, hətta daha çox adama peyğəmbər göndərdik” (“əs-Saffət”, 47); “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi” (“ən-Nəcm”, 9). Bu ədat burada qətiyyən şəkk mənası bildirmir. Əksinə, أَوْ [əu] “hətta” ədatı burada xəbərin belə olduğunu, hətta ondan da artıq olduğunu təsdiqləmək üçündür.
Daha sonra Uca Allah Onu çox zikr etmə əmrinin ardınca qullarına Ona dua etməyi buyurur. Çünki bu halda duanın qəbul olunmasına daha çox ümid edilir. Uca Allah dualarında yalnız dünya işlərini istəyib Axirətdən üz çevirənləri qınayaraq buyurur: “İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!”- deyənlər vardır. Belə şəxslərin Axirətdə heç bir payı yoxdur”, yəni belələrinin Axirətdən heç bir nəsibi yoxdur. Bu ayə həmçinin bu növ insanlara bənzəməkdən çəkindirir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ərəblərdən bir toplum Arafata gəlib dualarında deyirdilər: “Allahım! Bu ili bol yağış, məhsuldarlıq və oğul-uşaq ili et”. Axirətdən isə dualarında heç bir şey xatırlamırdılar. Uca Allah da onlar barədə “İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!”- deyənlər vardır. Belə şəxslərin Axirətdə heç bir payı yoxdur” ayəsini nazil etdi. Onların ardınca başqaları isə gəlib deyirdilər: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” Uca Allah da onlar barədə “Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” ayəsini nazil etdi”. (İbn Əbu Hatim, 1874). Bu səbəbdən Uca Allah Ondan həm dünya, həm də Axirət nemətlərini istəyənləri tərifləyərək buyurur: “Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”- deyənləri də vardır”. Bu dua özündə dünyadakı bütün xeyirləri cəm edir və bütün pislikləri uzaqlaşdırır, çünki dünyanın gözəl nemətləri hər cür dünyəvi istəkləri şamil edir. Sağlamlıq, geniş ev, gözəl həyat yoldaşı, bol ruzi, faydalı elm, saleh əməl, rahat minik, gözəl tərif və təfsirçilərin qeyd etdikləri digər buna bənzər nemətləri şamil edir. Bunların heç birinin arasında ziddiyyət yoxdur, çünki bunların hamısı dünyanın gözəl nemətlərinə daxildir. Axirətdəki gözəl nemətlərə gəlincə, bu nemətlərin ən üstünü Cənnətə girməkdir. Bu isə, özü özlüyündə məhşərdə ən böyük dəhşətdən (Cəhənnəmin yaxınlaşdırılacağı vaxt) xilas olmaq, yüngül haqq-hesaba çəkilmək və s. buna bənzər Axirətdə olan yaxşı hallar deməkdir. Cəhənnəmdən xilas olmaq isə dünyada haramlardan çəkinmək, günahlardan uzaq durmaq, şübhəli şeyləri və haramları tərk etmək kimi səbəblərdən tutmağı tələb edir.
Məhz bu səbəbdən Sünnə (hədislər) bu duanı çox etməyə təşviq edir. əl-Buxari Ənəsdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ (çox vaxt dua edib) deyərdi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” (Transkripsiyası: [Rabbənə ə:tinə fid-dunyə həsənətən və fil-ə:xirati həsənətən və qinə: azə:bən-nər]. əl-Buxari, 4250, 4522). İbn Əbu Hatim rəvayət edir ki, Əbu Talut Abdus-Sələm ibn Şəddəd demişdir: “Mən Ənəs ibn Malikin (Allah ondan razı olsun) yanında idim. Sabit ona dedi: “Qardaşların onlar üçün dua etməyini istəyirlər”. Ənəs dedi: “Allahım, bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” Onlar bir müddət danışdılar və qalxmaq istədikdə Sabit yenə dedi: “Ey Əbu Həmzə! Qardaşların qalxmaq istəyirlər, onlar üçün dua et!” Ənəs dedi: “İstəyirsiniz, işlərinizi çətinləşdirim? Bilin ki, əgər Allah sizə dünyada və Axirətdə gözəl nemətlər vermişsə, Cəhənnəm əzabından qorumuşsa, demək ki, bütün xeyri sizə vermişdir”. (Hədisin isnadı səhihdir. əl-Buxari “əl-Ədəbul-Mufrad” (633) əsərində başqa şəkildə müxtəsər olaraq rəvayət etmişdir. “əd-Durrul-Mənsur” kitabında (1/233) həmçinin İbn Əbu Şeybənin də rəvayət etdiyi bildirilir (Əhməd Şakir). əl-Buxari “Ədəbul-Mufrad” 633. Hədis səhihdir). Əhməd Ənəsdən (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ müsəlmanlardan olan bir kişiyə baş çəkdi. Kişi zəifləyib cücə kimi büzüşmüşdü. Peyğəmbər ﷺ ona dedi: “Məgər sən dua etmirsən? Yaxud Rəbbindən salamatlıq diləmirsən?” Kişi dedi: “Bəli, mən dua edib deyirəm ki, Allahım Axirətdə mənə nə əzab verəcəksənsə, onu mənə elə bu dünyada ver!” Peyğəmbər ﷺ ona dedi: “Subhən-Allah! Sən buna dözə bilməzsən. Nə üçün sən: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”- demirsən?” Sonra Peyğəmbər ﷺ onun üçün Allaha dua etdi və Allah ona şəfa verdi”. (Muslim, 4853, 7011). Bu hədisi təkcə Muslim rəvayət etmişdir. (“əl-Musnəd” (12074), (3/107, Hələb nəşri), Muslim (2/309). ət-Tabəri də (3877) rəvayət etmişdir. (Əhməd Şakir). İmam əş-Şafii rəvayət edir ki, Abdullah ibn əs-Səib (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ (Kəbəni təvaf edərkən) Yəmən küncü ilə Qara daş arasında belə dediyini eşitmişdir: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” (Hədisin isnadı səhihdir. Həmçinin Əbu Davud və ən-Nəsəi rəvayət etmişlər. əl-Hakim də (2/277) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır (Əhməd Şakir). əl-Hakim, 3098; Əhməd, 15399, 15435. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir).  
əl-Hakim rəvayət edir ki, Səid ibn Cubeyr demişdir: “Bir kişi İbn Abbasın (Allah ondan razı olsun) yanına gəlib dedi: “Mən bir qövmün yanında muzdlu işçi kimi işləməyə və haqqımın bir hissəsinin əvəzinə onlarla birlikdə həcc etməyimə izin vermələrinə razılaşdım. Belə etməyim doğrudurmu?” İbn Abbas (Allah ondan razı olsun) dedi: Sən Uca Allahın barələrində: “Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” dediyi kəslərdənsən”. (əl-Hakim, 3099).
əl-Bəqərə, 203
وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ
203. Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sayı müəyyən olan günlər” təşriq (“Təşriq” sözü ərəb dilində شَرَّقَ “əti qaxac etmək (qurutmaq)” feilinin məsdəridir. Qurban bayramından sonra gələn üç günün (Zul-Hiccənin 11-i, 12-si və 13-ü) “təşriq günləri” adlanmasına səbəb budur ki, bu günlərdə qurbanlar kəsilirdi və ətin xarab olmaması üçün onu tikələrə bölüb günəşin altında qaxac edirdilər (qurudurdular). Bu səbəbdən bu günlərə “təşriq günləri” deyilir). günləridir (Zul-Hiccənin 11-i, 12-si və 13-ü). “Məlum günlər” (Bu ifadə Uca Allahın “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər” (“əl-Həcc”, 28) ayəsində keçir. ) isə Zul-Hiccə ayının ilk on günüdür. İkrimə demişdir: “Uca Allahın “Sayı müəyyən olan günlərdə Allahı yad edin” ayəsində təşriq günlərində, fərz namazlardan sonra Allahu Əkbər (Allah ən Böyükdür), Allahu Əkbər (Allah ən Böyükdür) deyərək təkbir gətirmək nəzərdə tutulur”. İmam Əhməd Uqbə ibn Amirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Arafat günü (Zul-Hiccənin 9-u), Qurban kəsilən gün (Zul-Hiccənin 10-u) və təşriq günləri bizim bayramımızdır. Bu günlər yeyib-içmək günləridir”. (“əl-Musnəd” (17451, 17455), (4/152, Hələb nəşri). Çap olunmuş nüsxənin sonunda “və Allahı zikr etmək günüdür” əlavəsi var. Lakin əl-Əzhəriyyə əlyazmasında və “əl-Musnəd” əsərində bu əlavə yoxdur. Hədisi həmçinin Əbu Davud (2419) və ət-Tirmizi rəvayət etmişlər. ən-Nəsəi hədisin səhih olduğunu bildirmişdir. Necə ki əl-Munziri qeyd etmişdir (Əhməd Şakir). ət-Tirmizi, 773; Əbu Davud, 2419. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 4/130). Həmçinin İmam Əhməd Nubeyşə əl-Huzəlidən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Təşriq günləri yemək, içmək və Allahı zikr etmək günləridir”. (Əhməd, 20741, 20997; Muslim, 2733). Bu hədisi Muslim də rəvayət etmişdir. (196-cı ayənin təfsirində keçib (Əhməd Şakir). Abdur-Rahmən ibn Yamər əd-Dilinin (Allah ondan razı olsun): “Mina günləri üçdür. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz” (198-ci ayənin təfsirində keçib (Əhməd Şakir). hədisi artıq yuxarıda keçmişdir.
İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Təşriq günləri yemək və Allahı zikr etmək günləridir”. (ət-Tabəri (3911), “əl-Musnəd” (7134, 9008). İsnadı səhihdir (Əhməd Şakir). İbn Hibban, 3602. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1282). Yenə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ Abdullah ibn Huzəfəni Minaya göndərərək: “Bu günlərdə oruc tutmayın! Çünki bu günlər yeyib-içmək və Allahı zikr etmək günləridir”, – deyə insanlara səslənməsini buyurdu. (ət-Tabəri (3912), “əl-Musnəd” (10674, 10930). İsnadı səhihdir (Əhməd Şakir). Əhməd, 10664, 10918. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3573). Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Peyğəmbər ﷺ təşriq günləri oruc tutmağı qadağan etmişdir və: “Bu günlər yeyib-içmək və Allahı zikr etmək günləridir”, – buyurmuşdur”. (Həmçinin ət-Tabəri rəvayət etmişdir (3913). İsnadı səhihdir (Əhməd Şakir). Həmçinin İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sayı müəyyən olan günlər” təşriq günləridir. Təşriq günləri isə dörd gündür: Qurban bayramı günü və ondan sonra gələn üç gün”. Abdullah ibn Ömər, Abdullah ibn əz-Zubeyr, Əbu Musa, Əta, Mucahid, Səid ibn Cubeyr, Qatədə və digərlərinin də belə dedikləri rəvayət edilmişdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) isə demişdir: “Təşriq günləri üç gündür; Qurban bayramı günü və ondan sonra gələn iki gün. Bu günlərdən hansı birində istəsən, qurbanını kəs! Lakin əfzəl olan ilk gündə kəsməkdir”. (İbn Əbu Hatim, 14728). Məşhur olan rəy birinci rəydir. Ayənin zahiri də buna dəlalət edir. Belə ki Uca Allah buyurur: “Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz”. Bu da Qurban bayramından sonrakı üç günə təsadüf edir.
[Uca Allah ayənin əvvəlində insanların həcc mövsümündə Arafatda və Muzdəlifədə toplaşdıqdan sonra həcci tamamlayıb dünyanın müxtəlif tərəflərinə və bölgələrinə birinci (Zul-Hiccənin 12-si) və ikinci (Zul-Hiccənin 13-ü) dağılışmalarını qeyd etdikdən sonra: “Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız”, – buyurur. Necə ki başqa bir ayədə buyurur: “Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanılacaqsınız” (“əl-Muminun”, 79)].
əl-Bəqərə, 204-207
وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ * وَإِذَا تَوَلَّى سَعَى فِي الْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللَّهُ لَا يُحِبُّ الْفَسَادَ وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ * وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ
204. İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində, o ən qatı mübahisəçidir.
205. O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.
206. Ona: “Allahdan qorx!”- deyildikdə lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
207. İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.

 
əs-Suddi demişdir: “Bu ayə Əxnəs ibn Şəriq əs-Səqafi barədə nazil olmuşdur. O, Peyğəmbərin ﷺ yanına gələrək qəlbində iman gətirmədiyi halda müsəlman olduğunu göstərmişdi”. (ət-Tabəri (3961), (Əhməd Şakir). İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, bu ayə ər-Raci hadisəsində öldürülmüş Xubeyb və yoldaşları barədə danışıb onları qınayan bir neçə münafiq barədə nazil olmuşdur. Uca Allah bu ayə ilə münafiqləri pisləmiş, Xubeyb və yoldaşlarını tərifləmişdir. (ət-Tabəri (3962, 3963), (Əhməd Şakir). Bəzi təfsirçilər demişlər: “Bu ayə bütün münafiqləri və bütün möminləri əhatə edir”. Qatədə, Mucahid, ər-Rabi ibn Ənəs və digərləri də belə demişlər. Doğru olan da budur.
Uca Allahın “O, qəlbində olana Allahı şahid göstərər” sözünə gəlincə, İbn Muheysin bu ayəni وَيَشْهَدُ اللهُ [və yəşhədulla:hu] “Allah onun qəlbində olana şahiddir” kimi oxumuşdur. Bu təqdirdə ayənin mənası belə olur: “Bu insan sizə qarşı hiylə işlətmiş olsa da, Allah onun ürəyindəki pisliyi bilir”. Necə ki Uca Allah buyurur: “Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”- deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar” (“əl-Munafiqun”, 1). Lakin əksər qarilər bu ayəniوَيُشْهِدُ اللهَ  [və yuşhidulla:hə] “O, qəlbində olana Allahı şahid göstərər” kimi oxumuşlar. Mənası isə belədir: “O, insanlara müsəlman olduğunu göstərir, lakin qəlbindəki küfr və nifaqla Allaha qarşı mübarizə aparır”. Necə ki Uca Allah buyurur: “Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər)” (“ən-Nisa”, 108). Bu mənanı İbn İshaq və ya Səid ibn Cubeyr İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Başqa bir rəyə görə məna belədir: “Münafiq insanlara müsəlman olduğunu göstərər və dediyi ilə qəlbində olanın uyğun olmasına and içərək Allahı andına şahid gətirər”. Bu məna doğrudur. Bu mənanı Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir. İbn Cərir də bunu seçmiş və onu İbn Abbasa (Allah ondan razı olsun) nisbət etmişdir. İbn Cərir Mucahiddən də bu mənaya dair bir rəvayət nəql etmişdir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Əslində, o ən qatı mübahisəçidir”. Ayədə keçən أَلَدُّ [ələddu] “ən qatı” sözünün lüğəti mənası “əyri” deməkdir. Necə ki Uca Allah buyurur: “inadkarlara xəbərdarlıq edəsən” (“Məryəm”, 97). Yəni əyri yolda olan qövmə. Mübahisə edən münafiqin halı da eynilə belədir. Yalan danışar, haqdan üz döndərər və haqq yolla getməz. Əksinə, böhtan atar və haqsızlıq edər. Necə ki “Səhih” əsərində sabit olan hədisdə Peyğəmbər ﷺ demişdir: “Münafiqin üç əlaməti var (Bu hədis bəzilərini şübhəyə salmış və onlar elə güman etmişlər ki, hədisdə keçən əlamətlər mömini İslamdan çıxarır və onu kafir edir. Lakin bu heç də belə deyil, çünki İslam alimləri ittifaq etmişlər ki, qəlbi və dili ilə iman gətirmiş hər kəs bu əməllərdən hər hansı birini etsə, nə kafir sayılar, nə də Cəhənnəmin alt təbəqəsinə düşəcək münafiqlərdən hesab edilər. Baxın, Yusuf peyğəməbərin (ona salam olsun) qardaşları bu xislətləri özlərində cəm etdilər (həm yalan danışdılar, həm əmanətə xəyanət etdilər, həm də verdikləri vədə xilaf çıxdılar, lakin Allah onları münafiq saymadı). Həmçinin alimlərin tərcümeyi-halına nəzər salsaq, onlardan bəzisinin bu xislətlərin hamısını və ya bir qismini özündə cəm etdiyini görə bilərik (Buna rəğmən heç kəs onları kafir saymamışdır). Allaha həmd olsun ki, bu hədisdə heç bir şəkk-şübhə yoxdur. Hədisdə qəsd edilən budur ki, bu xislətlər münafiqlik əlamətlərindəndir və buna yiyələnmiş hər kəs münafiqə bənzəmiş olur. Əslində, nifaq içində olanın əksini üzə çıxartmaq deməkdir. Təbii ki, yalan danışan, əhdini pozan, vədinə xilaf çıxan, əmanətə xəyanət edən və haqsız olaraq mübahisə edən adam öz içində olanın əksini üzə çıxardır və beləliklə də, zahirən (yəni əməllərində) münafiqlərə bənzəyir. Bu da heç də həmin adamın münafiq olması – özünü müsəlman kimi göstərib küfrünü gizlətməsi demək deyil. Peyğəmbər ﷺ belələrinin etiqadda münafiq olduqlarını və əbədi olaraq Cəhənnəmin dibində qalacaqlarını söyləməmişdir): danışdığı zaman yalan danışar; əhd bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər”. (Bu, hədisin mənaca rəvayətidir. Muslimin “Səhih” əsərində (1/32) Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət edilən mətn belədir: “Dörd (xislət) var ki, bunlar kimdə olsa, əsl münafiq sayılar...”. Həmçinin əl-Buxaridə (1/84) və “əl-Musnəd” (6768, 6864) əsərində də belədir. (Əhməd Şakir). əl-Buxari, 33). əl-Buxari Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “(İnsanlar arasında) Allahın ən nifrət etdiyi adam ən qatı mübahisə edəndir”. (əl-Buxari, 2277, 2457; Muslim, 4821, 6951).  
Uca Allah buyurur: “O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir”. Münafiqin sözü dolaşıq, əməlləri isə pisdir. Bu onun sözü, bu da onun əməli; sözü yalan, etiqadı xarab, əməlləri isə çirkindir. Bu ayədə keçən سَعَى [səa] “çalışar” sözü “qəsd edər” mənasındadır. Necə ki Uca Allah Firondan bəhs edərkən bu sözü eyni mənada belə işlətmişdir: “Sonra da üz döndərib fəsad törətməyə girişdi. O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək dedi: “Sizin ən uca rəbbiniz mənəm!” Belə olduqda Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı. Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var” (“ən-Nəziət”, 22-26). Başqa bir ayədə buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (“əl-Cumuə”, 9). “Allahı yad etməyə tələsin”, yəni Cümə namazına niyyət edərək Allahı yad etməyə gəlin, çünki namaza həqiqi mənada tələsmək Peyğəmbərin ﷺ hədislərində qadağan olunur: “Namaza gəldiyiniz zaman qaçaraq gəlməyin, üzərinizdə sükunət və təmkin olaraq namaza gəlin!” (Hədis Muslimin “Səhih” əsərində (1/167) Əbu Hureyradan (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət olunur. (Əhməd Şakir). İbn Xuzeymə, 1771; Muslim, 948, 1393). Bu münafiqin yer üzündə fitnə-fəsad törətmək, əkinləri, yəni əkinlərin və meyvələrin bitdiyi yerləri və nəsilləri, yəni heyvanların artımının qarşısını almaqdan başqa bir məqsədi yoxdur. Halbuki insanların həyatda qalması üçün bu iki şey – əkin və heyvanlar olduqca zəruridir. Sonra Uca Allah buyurur: “Allah isə fitnə-fəsadı sevmir”, yəni bu xüsusiyyətlərə malik olan və bu əməlləri edən kəsləri sevmir.
Uca Allah buyurur: “Ona: “Allahdan qorx!”- deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər”, yəni əməllərində və sözlərində günahkar olan bu insana öyüd verildikdə və “Allahdan qorx! Sözlərindən və əməllərindən əl çək, haqqa dön!” deyildiyi zaman o bundan imtina edər və üz döndərər. Günahları onu hər tərəfdən əhatə etdiyi üçün təkəbbürlüyü və qəzəbi onu günaha sürükləyər. Bu ayə Uca Allahın bu sözünə bənzəyir: “Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!” (“əl-Həcc”, 72). Bunun üçün də Uca Allah bu ayədə: “Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” – buyurur. Yəni cəza olaraq Cəhənnəm ona kifayətdir.
Uca Allah buyurur: “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər”. Uca Allah əvvəlki ayədə münafiqlərin pis xüsusiyyətlərini bildirdikdən sonra bu ayədə möminlərin yaxşı xüsusiyyətlərini zikr etməyə başlayır və buyurur: “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər”. İbn Abbas, Ənəs ibn Malik, Səid ibn əl-Museyyib və bir çox alimlər bu ayənin Suheyb ibn Sinan ər-Rumi (Allah ondan razı olsun) barədə nazil olduğunu demişlər. Suheyb Məkkədə İslamı qəbul etdikdən sonra hicrət etmək istədikdə kafirlər onu malı ilə birlikdə hicrət etməyə qoymadılar və əgər istəsə, malından imtina edib hicrət edə biləcəyini söylədilər. O da malını verib qureyşlilərdən xilas oldu. Uca Allah da onun barəsində bu ayəni nazil etdi. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) və bir toplum müsəlman onu Mədinənin girişində qarşılayaraq ona: “Ticarətin qazanclı olsun!”- dedilər. Suheyb: “Sizin də ticarətiniz qazanclı olsun! Niyə belə deyirsiniz?”- dedi. Onlar da bu ayənin onun barəsində nazil olduğunu xəbər verdilər”. Başqa bir rəvayətə görə, Peyğəmbər ﷺ ona: “Ey Suheyb! Ticarətin qazanclı oldu. Ey Suheyb! Ticarətin qazanclı oldu”, – demişdir”. (Hədis “əl-Mustədrək” əsərində (3/397) Ənəsdən (Allah ondan razı olsun) bu hekayətə bənzər şəkildə rəvayət edilir. Ayənin nazilolma səbəbində belə gəlmişdir: “Peyğəmbər ﷺ Suheybi gördükdə: “Əbu Yəhya ticarətdə (canını fəda etməklə) qazanc əldə etdi!”- deyib bu ayəni ona oxudu”. Sonra əl-Hakim demişdir: “Muslimin şərtinə görə səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (Əhməd Şakir). əl-Hakim, 5700). İbn Mərdəveyh Əbu Osman ən-Nəhdidən Suheyb ibn Sinan ər-Ruminin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mən Məkkədən Peyğəmbərin ﷺ yanına hicrət etmək istədikdə qureyşlilər mənə dedilər: “Ey Suheyb! Bizim yanımıza gəldikdə heç nəyin yox idi. İndi isə malınla birlikdə bizdən ayrılmaq istəyirsən? Allaha and olsun ki, buna imkan vermərik”. Mən onlara dedim: “Əgər malımı sizə versəm, məni sərbəst buraxarsınızmı?” Onlar: “Bəli”, – dedilər. Mən malımı onlara verdim. Onlar da məni sərbəst buraxdılar. Çıxıb Mədinəyə gəldim. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda dedi: “Suheyb qazanc əldə etdi, Suheyb qazanc əldə etdi”. İki dəfə təkrarladı”. (Hədisi İbn Sad “ət-Tabəqat” əsərində Əbu Osman ən-Nəhdidən: “Mənə çatan məlumata görə Suheyb ...” buna oxşar mətnlə rəvayət etmişdir (3/1/162). (Əhməd Şakir). İbn Hibban, 7082. Şueyb əl-Arnavut səhih olduğunu bildrmişdir).
Əksər təfsirçilər isə bu ayənin Allah yolunda cihad edən mücahidlər barədə nazil olduğunu deyirlər. Necə ki Uca Allah mücahidlər barədə belə buyurur: “Doğrudan da, Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur” (“Tövbə”, 111). Hişam ibn Amir (Allah ondan razı olsun) düşmən səflərinin içərisinə hücum edərkən bəzi insanlar onun bu əməlinə etiraz etdilər. Ömər ibn əl-Xattab, Əbu Hureyra və digər səhabələr (Allah onlardan razı olsun) Uca Allahın “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər” ayəsini oxuyaraq onların etirazlarına cavab verdilər.
əl-Bəqərə, 208-209
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ * فَإِنْ زَلَلْتُمْ مِنْ بَعْدِ مَا جَاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُوا أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
208. Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.
209. Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir.

 
Uca Allah bu ayədə Ona iman gətirib göndərdiyi Peyğəmbəri ﷺ təsdiq edən qullarına İslamın bütün hökmlərindən və şəriət qaydalarından yapışmağı, buyurduqlarının hamısına əməl etməyi və gücləri yetəcək qədər qadağan etdiklərinin hamısından çəkinməyi əmr edir. İbn Abbas, Mucahid və Tavus demişlər: ”Uca Allahın “İslamı bütövlüklə qəbul edin” ayəsində السِّلْمُ [əs-Silm] deyildikdə İslam dini nəzərdə tutulur”. Qatədə demişdir: “Ayədəki السِّلْمُ [əs-Silm] sözü “barışıq”, “əmin-amanlıq” deməkdir”.
İbn Abbas, Mucahid və Qatədə Uca Allahın كَافَّةً [kə:ffətən] “bütövlüklə” sözü barəsində demişlər: “Yəni İslamı bütünlüklə qəbul edin”. Mucahid demişdir: “Yəni bütün xeyirxah əməlləri və yaxşılıqları yerinə yetirin”. Təfsirçilərin bir qismi isə ayədə keçən كَافَّةً [kə:ffətən] “bütövlüklə” sözünün tərzi-hərəkət zərfi olduğunu demişlər. Yəni hamınız İslamı qəbul edin. Lakin doğru olan birinci təfsirdir. Yəni onlara hamılıqla, imanın bütün şöbələrinə və İslamın bütün ehkamlarına əməl etmək buyurulmuşdur. İslamın ehkamları çox olduğu üçün gücləri yetəcək qədərinə əməl etmək tələb olunur. (Doğru olan da budur ki, Uca və Nöqsansız Allah Ona inanan hər kəsə İslam dinini bütövlüklə qəbul etməyi əmr etmişdir. İstər ərəblərdən, istər qeyri-ərəblərdən olsun. Həmçinin bu, Kitab əhlindən iman gətirənlərə də aiddir. Bunların hamısı iman gətirmiş sayılır və hamısına İslam şəriətinə bütövlüklə əməl etmək əmr olunub. Həmçinin ət-Tabəri də bu rəyi üstün saymışdır (4/256-257), (Əhməd Şakir). Necə ki İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin” ayəsində كَافَّةً [kə:ffətən] “bütövlüklə” sözünü bu şəkildə oxumuş və bildirmişdir ki, ayədə Kitab əhlindən iman gətirənlər nəzərdə tutulur. Çünki onlar Allaha iman gətirməklə bərabər, Tövratın və özlərinə endirilmiş şəriətin bir hissəsinə əməl edirdilər. Bu səbəbdən Uca Allah onlara: “İslamı bütövlüklə qəbul edin”, – demişdir. Yəni Muhəmmədin ﷺ gətirdiyi dinin şəriət ehkamlarını bütövlüklə qəbul edin, ondan heç nəyi tərk etməyin! Bunun üçün isə sadəcə Tövrata və orada olanlara iman gətirməyiniz kifayətdir. 
Uca Allah buyurur: “...şeytanın addım izləri ilə getməyin”, yəni Allahın əmrlərinə tabe olun və şeytanın sizə əmr etdiklərindən çəkinin! Çünki “O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir” (“əl-Bəqərə”, 169). Həmçinin “O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (“Fatir”, 6). Bu səbəbdən Uca Allah ayənin sonunda buyurur: “Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir”.
Uca Allah buyurur: “Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız”, yəni əgər sizə bu qədər dəlillər göstərildikdən sonra təkrar haqdan dönsəniz; “bilin ki, Allah Qüdrətlidir”, yəni intiqam almağa Qadirdir. Heç kəs Ondan yaxa qurtara bilməz, heç nə Ona qalib gələ bilməz; “Müdrikdir”, yəni hökmlərində hikmət sahibidir. Hökmlərindən istədiyini ləğv etməkdə və istədiyini də qüvvədə saxlamaqda hikmətlidir.
əl-Bəqərə, 210
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ وَقُضِيَ الْأَمْرُ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
210. Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır.

 
Uca Allah Muhəmmədi ﷺ inkar edənləri təhdid edərək (hədələyərək) buyurur: “Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin”, yəni Allahın Qiyamət günü əvvəlkilərin və sonrakıların arasında hökm verib hər kəsi əməlinə görə mükafatlandırmaq üçün gəlməsini gözləyirlər? Əməli xeyir olan xeyirlə mükafatlandırılar, şər olan isə şərlə cəzalandırılar. Bu səbəbdən Uca Allah buyurur: “və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır”. Necə ki buyurur: “Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq, sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?” (“əl-Fəcr”, 21–23). Başqa bir ayədə isə buyurur: “Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik” (“əl-Ənam”, 158). İmam Əbu Cəfər İbn Cərir ət-Tabəri bu ayənin təfsirində “Sur” hədisi kimi məşhur olan, Əbu Hureyranın (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ rəvayət etdiyi uzun hədisi əvvəlindən sonuna qədər gətirmişdir. Bu hədis məşhur hədisdir. Onu bir çox “əl-Musnəd” əsərlərinin müəllifləri və digərləri kitablarında rəvayət etmişlər. 
əl-Bəqərə, 211-212
سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُمْ مِنْ آيَةٍ بَيِّنَةٍ وَمَنْ يُبَدِّلْ نِعْمَةَ اللَّهِ مِنْ بَعْدِ مَا جَاءَتْهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ * زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
211. İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın dəlillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir.
212. Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.

 
Uca Allah bu ayədə İsrail oğullarının Musa (ona salam olsun) ilə bir çox “aydın dəlillərə” şahid olduqlarını xəbər verir. “Aydın dəlillər” dedikdə Musanın (ona salam olsun) peyğəmbərliyinin haqq olduğunu sübut edən – parlayan əl, ilana dönən əsa, dənizin yarılması, daşdan su fışqırması, isti səhrada buluddan kölgəliklər, manna və bildirçin ətinin enməsi və sair bu kimi qəti dəlillər nəzərdə tutulur. Bu dəlillər Yaradanın varlığına və bu möcüzələri göstərənin (Musanın - ona salam olsun) doğru danışdığına açıq-aydın dəlalət etməsinə baxmayaraq, İsrail oğullarından bir çoxu haqdan üz döndərib Allahın nemətlərini küfrə dəyişdilər. Yəni bu möcüzələrə iman gətirmək əvəzinə, onları inkar etdilər və haqdan üz döndərdilər. Uca Allah onlar barədə buyurur: “Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir”. Necə ki Qureyş kafirləri barədə buyurur: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir” (“İbrahim”, 28-29).
Sonra Uca Allah dünya həyatını kafirlər üçün gözəlləşdirdiyini, onların da bu həyatdan razı olub onunla rahatlıq tapdıqlarını, dünya həyatında mal-dövlət toplayaraq bu mal-dövləti Allahı razı salacaq işlərə sərf etmədiklərini, dünyadan üz çevirib əldə etdikləri mallarını Allaha itaətə sərf edərək bununla Allahın Üzünü diləyən möminlərə istehza etdiklərini xəbər verir.
Buna görə möminlər, Allaha dönəcəkləri gün yüksək məqam və böyük nemətlə uğur qazanacaqlar. Onlar Qiyamət günü dirildikdə, Məhşərdə toplandıqda, son mənzilə gedişdə və məskunlaşdıqda kafirlərdən üstün olacaqlar. Onlar Cənnətin yüksək dərəcəsi olan İlliyyunda qərar tutacaqlar. Kafirlər isə Cəhənnəmin ən aşağı qatlarında əbədi olaraq qalacaqlar. Bu səbəbdən Uca Allah: “Allah istədiyi kəsə hesabsız ruzi verər”, – buyurur. Yəni Uca Allah yaratdıqlarından istədiyi kəsə dilədiyi qədər ruzi verər. Dünya və Axirətdə saysız-hesabsız bol mükafatlar lütf edər. Necə ki hədisidə belə varid olmuşdur: “(Allah buyurur:) “Ey Adəm övladı”, (Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyəcəyəm”. (Bu, Qüdsi hədisdir. Hədisin əvvəli belədir: “Qüdrətli və Uca Allah buyurur: "Ey Adəm övladı! ...”. Hədisi Əhməd “əl-Musnəd” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin əl-Buxari və Muslim də rəvayət etmişlər. (Əhməd Şakir). Əhməd, 9986; əl-Buxari, 4933, 7496; Muslim, 2355). Başqa bir hədisdə isə Peyğəmbər ﷺ belə buyurur: “Ey Bilal, malından Allah yolunda xərclə! Ərşin sahibinin azaltmasından qorxma!” (Bu hədis başqa bir çox hədisin tərkibində gəlmişdir. Bu hədisi ət-Tabərani və əl-Bəzzər Bilaldan (Allah ondan razı olsun) rəvayət etmişlər. Lakin hər iki hədisin isnadı zəifdir. əl-Bəzzər, Əbu Yəalə və ət-Tabərani “əl-Kəbir” və “əl-Əvsat” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. əl-Heysəmi “əz-Zəvaid” kitabında (10/241) demişdir: “İsnadı “həsən”dir”. Həmçinin əl-Munziri bu hədisi “ət-Tərğib” (2/40) əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) “həsən” isnadla qeyd etmişdir. ət-Tabərani “əl-Kəbir” əsərində və əl-Bəzzər İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişlər. Bu hədisin isnadı da “ət-Tərğib”də olduğu kimi “həsən”dir (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 1013. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2661). Uca Allah buyurur: “Nə xərcləsəniz, Allah onun əvəzini verər” (“Səba”, 39). “Səhih” əsərində gələn hədisdə deyilir ki, hər səhər insanlar yuxudan oyandıqda yer üzünə iki mələk enir. Onlardan biri: “Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini ver!”- deyir. Digəri isə: “Allahım, xəsislik edən hər kəsi tələf et!” – deyir”. (əl-Buxari (4/241, “Fəthul-Bari”), Muslim (1/277) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur. Həmçinin Əhməd də buna oxşar mətnlə başqa şəkildə rəvayət etmişdir (8040). Bax: “Məcməuz-Zəvaid” (10/28) və ət-Tərğib (2/38), (Əhməd Şakir). əl-Buxari, 1351, 1442). Yenə “Səhih” əsərində Peyğəmbərin ﷺ belə dediyi göstərilmişdir: “Adəm övladı “Malım, malım”, – deyir. Halbuki sənə malından çatan yalnız yeyib həzm etdiyin, geyinib köhnəltdiyin və Allah yolunda sədəqə verib savabını (Axirətin üçün) saxladığın deyilmi? Yerdə qalanını isə öldükdən sonra insanlara qoyub gedəcəksən”. (Muslim Abdullah ibn əş-Şixxirdən rəvayət etmişdir (2/283, 384). ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər. Sonra Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) bu hədisin mənasına oxşar bir hədis rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 5258, 7609). İmam Əhmədin “əl-Musnəd” əsərində Peyğəmbərin ﷺ belə dediyi rəvayət olunur: “Dünyanı yurd seçənlərin yurdu yoxdur. Dünyanı sərvət seçənlərin sərvəti yoxdur. Malını dünya üçün toplayanın isə ağlı yoxdur”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (6/71, Hələb çapı) Aişədən (Allah ondan razı olsun) “Dünyanı sərvət seçənlərin sərvəti yoxdur” hissəsini pozmaqla rəvayət etmişdir. əl-Munziri Əhmədin rəvayətini “ət-Tərğib” əsərində qeyd etmiş və bildirmişdir ki, bu əlavə əl-Beyhəqinin kitabındadır. Sonra əl-Munziri demişdir: “Hər iki hədisin isnadı yaxşıdır”. əl-Heysəmi Əhmədin rəvayətini “əz-Zəvaid” əsərində qeyd etmiş (10/288) və demişdir: “Hədisi rəvayət edənlər “Səhih” əsərində adları keçənlərdir. Yalnız Duveyd istisna olmaqla, o da etibarlı ravidir”. (Əhməd Şakir). Əhməd, 24464, 24923. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1933).
əl-Bəqərə, 213
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْذِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ
213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.

 
İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Adəm ilə Nuh arasında on nəsil olmuşdur. Bu nəsillərin hamısı haqq şəriət üzərində idilər. Sonra ixtilafa düşdülər. Bu səbəbdən Uca Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi”. (əl-Hakim, 4009; ət-Tabərani “Mucəmul-Kəbir” 7423. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3289). İbn Cərir demişdir: “Bu ayə Abdullahın (Allah ondan razı olsun) qiraətində belədir: “İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər”. Bu hədisi əl-Hakim rəvayət etmiş və demişdir: “Hədis səhihdir, lakin əl-Buxari və Muslim təxric etməmişlər”. (ət-Tabəri (4048), əl-Hakim (2/546-547). əl-Hakim demişdir: “əl-Buxarinin şərtinə görə səhihdir”. əz-Zəhəbi bununla razılaşmışdır. İbn Məsudun (Allah ondan razı olsun) qiraətində فَاخْتَلَفُوا “sonra ixtilafa düşdülər” əlavəsi var. Lakin bu əlavə tilavət məqsədi daşımır. Bizə görə – ən doğrusunu Allah bilir – bu əlavə izah və təfsir məqsədi daşıyır. (Əhməd Şakir). əl-Aufi rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “İnsanlar tək bir ümmət idi” ayəsi barədə demişdir: “İnsanlar tək bir ümmət, yəni kafir idilər. Allah da onlara müjdə verən və xəbərdar edən peyğəmbərlər göndərdi”. (ət-Tabəri, 4079). Lakin İbn Abbasdan (Allah ondan razı olsun) gələn birinci təfsir sənəd və məna baxımından daha səhihdir, çünki insanlar əvvəl Adəmin dinində idilər. Sonradan bütlərə ibadət etməyə başladılar. Bu səbəbdən Allah onlara Nuhu (ona salam olsun) göndərdi. Beləcə Allahın yer üzünə göndərdiyi ilk peyğəmbər Nuh (ona salam olsun) oldu. Bu səbəbdən Uca Allah buyurur: “onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər”, yəni özlərinə açıq-aşkar dəlillər gəlməsinə baxmayaraq, bir-birlərinə olan paxıllıq onları bu ixtilafa düşməyə vadar etdi. “Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”. Abdur-Razzəq rəvayət edir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Uca Allahın “Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər” ayəsi barədə demişdir: “Peyğəmbər ﷺ demişdir: “Hərçənd onlara (yəhudilər və xristianlara) bizdən əvvəl Kitab verilmişdir, lakin biz (zaman baxımından) sonuncu olsaq da, Qiyamət günü Cənnətə girən birinci ümmət olacağıq. Onlar özlərinə fərz buyurulmuş bu günləri (Cümə gününü ehtiramla keçirmək) barəsində ixtilafa düşdülər. Lakin Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü (şənbə gününü), xristianlar isə ondan sonrakı günü (bazar gününü) təntənə ilə qeyd edirlər”. (əl-Buxari, 827, 876).
Zeyd ibn Əsləm bu ayə barədə demişdir: “Kitab əhlinə cümə gününü ehtiramla keçirmək vacib buyurulmuş, onlar isə bu xüsusda fikir ayrılığına düşüb asi olmuşlar. Yəhudilər şənbə gününü, xristianlar isə bazar gününü müqəddəs qəbul etdilər. Allah Muhəmmədin ﷺ ümmətini cümə gününü ehtiramla keçirməyə müvəffəq etdi. Onlar qiblə barədə də ixtilaf etdilər. Xristianlar gündoğana, yəhudilər isə Beytul-Məqdisə üz tutdular. Allah Muhəmmədin ﷺ ümmətinə qibləni göstərdi. Onlar namaz barədə də ixtilafa düşdülər. Bəziləri namazda rüku edib səcdə etmirlər, bəziləri isə səcdə edib rüku etmirlər. Bəziləri danışa-danışa, bəziləri isə yeriyə-yeriyə namaz qılır. Allah bu xüsusda da Muhəmmədin ﷺ ümmətini haqqa yönəltdi. Oruc barəsində də ixtilafa düşdülər. Onlardan bəziləri günün bir hissəsini oruc tutur, bəziləri isə bəzi növ yeməklərdən imtina etməklə oruc tutur. Allah bu xüsusda da Muhəmmədin ﷺ ümmətini doğru yola yönəltdi. Onlar İbrahim (ona salam olsun) barədə də ixtilafa düşdülər. Yəhudilər: “O, yəhudi idi”, – dedilər, xristianlar isə: “O, xristian idi”, – dedilər. Allah isə onun hənif (Batildən haqqa yönəlib Tək Allaha ibadət etmək. 135-ci ayənin təfsirinə bax) bir müsəlman olduğunu bildirdi və bu xüsusda da Muhəmmədin ﷺ ümmətini doğru yola yönəltdi. Onlar İsa (ona salam olsun) barəsində də ixtilafa düşdülər. Yəhudilər onu yalançı saydılar və anasına böyük bir böhtan atdılar. Xristianlar isə onu ilah və Allahın oğlu qəbul etdilər. Allah isə İsanın “Ol!” kəlməsi ilə yarandığını və Onun tərəfindən göndərilən bir ruh olduğunu bildirdi. Beləliklə, bu xüsusda da Muhəmmədin ﷺ ümmətini doğru yola yönəltdi”.
Uca Allah buyurur: “Allah isə Öz icazəsi ilə”, yəni iman gətirənləri yönəltdiyi hidayət barədə elmi ilə; “Allah istədiyini“, yəni məxluqatlarından istədiyini; “düz yola yönəldər”, yəni düz yola yönəltməyin hökmü və tam hikməti Ona aiddir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir ki, Peyğəmbər ﷺ gecə qalxıb namaz qılarkən (namazın açılış duasında) belə deyərdi: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri Yaradan, qeybdə və aşkarda olanı bilən Allahım! Sən qullarının arasındakı ixtilafın hökmünü verirsən, məni Öz izninlə baş vermiş ixtilafdan haqqa yönəlt. Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən! (Transkripsiyası: Alla:hummə Rabbə Cibrilə va Mikəilə va İsrafilə fətiras-səmə:və:ti val-ərdi a:liməl-ğeybi vaş-şəhə:dəti əntə təhkumu beynə ibə:dikə fi mə kə:nu fi:hi yəxtəlifu:n ihdini limə-xtulifə fi:hi minəl-həqqi bi iznikə innəkə təhdi mən təşə:u ilə: sira:tin mustəqim* (Bu hədis “əl-Bəqərə” surəsinin 97-98-ci ayələrin təfsirində mənbə qeyd olunmadan keçmişdir. Bu hədisi Muslimin “Səhih” əsərindən rəvayət etmişik. əl-Buxari isə bu hədisi rəvayət etməmişdir. (Əhməd Şakir). Muslim, 1847; ət-Tirmizi, 3420, 3748). Peyğəmbərdən ﷺ gələn duada belə deyilir: “Allahım, bizə haqqı haqq olaraq göstər və ona tabe olmağı nəsib et. Batili isə batil olaraq göstər və ondan çəkinməyə müvəffəq et. Haqqın bizə şübhəli görünməsinin və bu səbəbdən azmağımızın qarşısını al və bizi müttəqilərə imam et!”
əl-Bəqərə, 214
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللَّهِ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ
214. Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”- dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.

 
Uca Allah bu ayədə buyurur ki, yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəl gəlib-keçən ümmətlərin başına gələn hadisələr sizin başınıza gəlmədən və imtahan olunmadan, sınanmadan “Cənnətə daxil olacaqsınız?” Uca Allah ardınca buyurur: “Onlara elə kasıblıq və xəstəlik üz vermiş”, yəni xəstəliklər, dərdlər, bəlalar, müsibətlər və fəlakətlər üz vermişdir. Necə ki Xabbəb ibn əl-Əratdan (Allah ondan razı olsun) gələn səhih hədisdə deyilir: “Bir dəfə biz Peyğəmbərə ﷺ şikayət edib dedik: “Bizim üçün kömək diləməyəcəksənmi? Bizim üçün Allaha dua etməyəcəksənmi?” O buyurdu: “Sizdən əvvəl yaşamış (möminlərdən) birisini tutub torpağa basdırardılar, sonra da mişar gətirib onun başının tən ortasına qoyar və onu iki hissəyə bölərdilər, lakin bu (işgəncə) onu dinindən döndərə bilməzdi. Kimisini də dəmir daraqlarla başını sümüyədək və ya sinirinədək darayardılar, lakin bu (əzab) onu dinindən döndərə bilməzdi. Vallah, Allah bu dini tamamlayacaq, hətta iş o yerə gəlib çatacaq ki, atlı Sənadan Hədrəmövtə səfər edəcək və (yolda) Allahdan başqa heç kəsdən və ya canavarın qoyunlarına hücum edəcəyindən başqa heç nədən qorxmayacaq, lakin siz tələsirsiniz”. (əl-Buxari, 3343, 3612).
Başqa bir ayədə Uca Allah buyurur: “Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə “İman gətirdik!” demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır” (“əl-Ənkəbut”, 1–3). Əhzab günü (Xəndək döyüşündə) bu imtahanlardan böyük bir hissəsi səhabələrin başına gəlmişdir. Necə ki Uca Allah Əhzab günündən bəhs edərək buyurur: “O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir”, – deyirdilər” (“əl-Əhzab”, 10–12).
Rum imperatoru Herakl Əbu Sufyənə Peyğəmbər ﷺ barədə sual verərkən soruşmuşdu: “Heç onunla döyüşmüsünüzmü?” Əbu Sufyən: “Bəli!”- dedi. Herakl: “Onunla döyüşünüz nə ilə nəticələnib?”- soruşduqda, Əbu Sufyən: “Bizimlə onun arasında gedən döyüş dəyişkəndir. Gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik”, – deyə cavab vermişdir. Herakl demişdir: “Peyğəmbərlər beləcə imtahan olunarlar, sonda aqibət onların xeyrinə olur”. (Bu uzun bir hədisdən götürülmüş parçadır. Hədisi əl-Buxari Əbu Sufyən ibn Hərbdən (Allah ondan razı olsun) rəvayət etmişdir (1/30-41, Fəthul-Bari), (Əhməd Şakir). əl-Buxari, 7).
Uca Allah buyurur: “sizdən əvvəlkilərin başına gələnlər”, yəni onların başına gələn müsibətlər sizin başınıza gəlmədən əvvəlmi Cənnətə daxil olacağınızı sanırsınız? Necə ki başqa bir ayədə buyurur: “Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb-keçmişdir” (“əz-Zuxruf”, 8). Uca Allah buyurur: “elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”- dedilər”, yəni düşmən üzərində qələbə diləyirdilər. Çətinlik və sıxıntı anında qurtuluşun və çıxış yolunun tez gəlməsi üçün Allaha dua edirdilər. Uca Allah da onlara cavab olaraq buyurur: “Həqiqətən, Allahın köməyi yaxındır”. Necə ki başqa bir ayədə belə buyurur: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (“əş-Şərh”, 5–6). Çətinlik nə qədər çox olarsa, kömək də o qədər tez gələr. Bu səbəbdən Uca Allah: “Həqiqətən, Allahın köməyi yaxındır”, – buyurur.
əl-Bəqərə, 215
يَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلْ مَا أَنْفَقْتُمْ مِنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
215. Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

 
Muqatil demişdir: “Bu ayə könüllü olaraq verilən sədəqələrə aiddir”. Ayənin mənası belədir: “Səndən Allah yolunda verəcəkləri malı necə sərf edəcəklərini soruşurlar”. İbn Abbas və Mucahid (Allah onlardan razı olsun) də ayəni belə təfsir etmişlər. Uca Allah da ayənin davamında onlara necə sərf edəcəklərini bildirərək: “De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir”, – buyurur.  Yəni sədəqələrinizi bu kəslərə sərf edin. Necə ki hədisdə gəlmişdir ki, Peyğəmbərdən ﷺ malı kimlərə sərf ediləcəyi barədə soruşulduqda o demişdir: “Anana, atana, bacına və qardaşına və sonra sənə yaxın olanlara”. (Bu, Əhmədin “əl-Musnəd” əsərində (7105) Əbu Ramsədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisin bir hissəsidir. Həmçinin Əhməd bu hədisi Əbu əş-Şəsə Suleym ibn Əsvədin hədislərində Bənu Yərbu qəbiləsindən olan bir kişidən rəvayət etmişdir (16687), (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 2485, 2532. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2171). Məymun ibn Məhran bu ayəni oxuduqdan sonra demişdir: “Bu, Allah yolunda malın sərf ediləcəyi yerlərdir. Burada nə dəfdən, nə zurnadan, nə ağac üzərində çəkilmiş şəkillərdən, nə də divardan asılan örtüklərdən söhbət gedir”.
Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. Sizin etdiyiniz hər bir yaxşı əməli Allah bilir və bunun mükafatını artıqlaması ilə verəcək. Həqiqətən, Allah heç kəsə zərrə qədər də olsa, zülm etməz.
əl-Bəqərə, 216
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
216. Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.

 
Bu ayədə Uca Allah düşmənlərinin şərini İslam torpaqlarından uzaq etmələri üçün müsəlmanlara cihadı fərz etmişdir. əz-Zuhri demişdir: “Cihad istər döyüşdə, istər evində olan hər kəsə vacibdir. Evində olan müsəlmandan kömək istənildikdə kömək etməli, imdad diləndiyi zaman köməyə gəlməli, döyüşə qatılmaq tələb olunduqda döyüşə qatılmalıdır. Əgər ona ehtiyac duyulmasa, o zaman otura bilər”. Mən deyirəm: “Bu səbəbdən “Səhih” əsərində Peyğəmbərin ﷺ belə dediyi qeyd edilmişdir: “Hər kim Allah yolunda döyüşmədən və ya qəlbində döyüşmək niyyəti olmadan ölərsə, Cahilliyə dövründə olduğu kimi ölmüş olar”. (Əhməd, 8852; əl-Buxari, 6530, 7053). Peyğəmbər ﷺ Məkkənin fəthi günü belə demişdir: “Məkkənin fəthindən sonra (Mədinəyə) hicrət yoxdur, yalnız cihad və niyyət vardır. Sizə (döyüşə) çıxmaq əmr olunduqda, çıxın!” (əl-Buxari, 1834, 2951; Muslim, 3368, 4936).
Uca Allah buyurur: “Sizin xoşunuza gəlməsə də”, yəni sizin üçün çətin və məşəqqətli bir iş olmasına baxmayaraq, cihad sizə fərz edilmişdir. Həqiqətən də, döyüş nəfsə çətin gəlir, çünki döyüşdə öldürülmək, yaralanmaq olduğu kimi, düşmənlə üz-üzə gəlib döyüşmək üçün çətin səfərə çıxmaq və düşmənlə mübarizə aparmaq var.
Uca Allah buyurur: “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, ...”, yəni döyüş sizə ağır gəlsə də, sizin üçün xeyirli ola bilər. Çünki döyüşün ardından düşmənə zəfər çalmaq və qalibiyyət gəlir. Düşmənin ölkəsinə, mallarına və zürriyyətinə sahib çıxmaq imkanı var. Uca Allah ardından buyurur: “...sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun”. Bu bütün işlərə aiddir. Ola bilsin, insan bir şeyi istəsin, lakin bu şeydə onun üçün nə xeyir, nə də fayda var. Belə şeylərdən biri də döyüşə getməyib evdə oturmaqdır. Bu, nəfsə xoş gəlsə də, arxasında düşmənin ölkəni zəbt etmək və ölkəyə hakim olmaq təhlükəsi durur. Sonra Uca Allah buyurur: “Allah bilir, siz isə bunu bilmirsiniz”, yəni O, işlərin aqibətini və necə bitəcəyini sizdən yaxşı bilir. Sizin dünya və Axirətiniz üçün nəyin daha faydalı olduğunu ən yaxşı O bilir. Elə isə onun çağırışına cavab verin, əmrlərinə tabe olun ki, doğru yolu tapmış olasınız.
əl-Bəqərə, 217-218
يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ وَصَدٌّ عَنْ سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِنْدَ اللَّهِ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّى يَرُدُّوكُمْ عَنْ دِينِكُمْ إِنِ اسْتَطَاعُوا وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ * إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ أُولَئِكَ يَرْجُونَ رَحْمَتَ اللَّهِ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
217. Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidul-Harama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və Axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
218. Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.

 
İbn Əbu Hatim Cundub ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ döyüşə kiçik bir dəstə göndərdi. Həmin dəstəyə Əbu Ubeydə ibn əl-Cərrahı rəhbər təyin etdi. Yola çıxmaq ərəfəsindəykən Əbu Ubeydə ibn əl-Cərrah Peyğəmbərə ﷺ olan şəfqətindən ağladı, Peyğəmbər ﷺ də onun bu halını görüb onu göndərmədi. Əvəzinə Abdullah ibn Cəhşi göndərdi və ona bir məktub verib tapşırdı ki, bu məktubu filan-filan yerə çatmayana qədər oxumasın”. Məktubda deyilirdi: “Yoldaşlarından heç kəsi səninlə yola davam etməyə məcbur etmə!” Abdullah ibn Cəhş həmin yerə çatdıqda məktubu oxudu və “İnnə Lilləhi və İnnə ileyhi raciun (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!). Allaha və Peyğəmbərinə itaət etdik”, – dedi. Abdullah ibn Cəhş bu barədə yoldaşlarına xəbər verdi və onlara məktubu oxudu. Yoldaşlarından ikisi qayıtdı, yerdə qalanı isə qaldı. Onlar İbn əl-Hədrami ilə qarşılaşdılar və onu öldürdülər. Onlar bu günün Rəcəb, yoxsa Cumədə ayı olduğunu bilmirdilər. Müşriklər müsəlmanlara bunu eyib tutaraq dedilər: “Haram ayda adam öldürdünüz”. Uca Allah da bu ayəni nazil etdi: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidul-Harama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və Axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. (Bu hədisin İbn Əbu Hatimə qədər olan isnadı səhihdir. ət-Tabəri bu hadisəni tam olaraq iki hədisdə rəvayət etmişdir (4084, 4102). əl-Heysəmi hədisi “əz-Zəvəid” əsərində (6/198) qeyd etmiş və demişdir: “ət-Tabərani rəvayət etmişdir. Hədisin raviləri etibarlıdır”. əs-Suyuti (1/250) və əl-Beyhəqi də bu hədisi “Səhih isnadla” qeyd etmişlər. Daha sonra İbn Kəsir bu ayənin enmə səbəbi barədə digər rəvayətlər qeyd etmişdir. Sonra isə İbn Hişamın “Sira” kitabından Abdullah ibn Cəhşin döyüşə göndərilmiş dəstəsi barədə gələn hekayəti tam olaraq gətirmişdir. Bu barədə ətraflı bilmək istəyən bu kitaba müraciət edə bilər. Belə ki kitabda bu hədisi və hədisin rəvayətlərini qeyd etmişdir. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 18201; ət-Tabərani “Mucəmul-Kəbir” 1648; ən-Nəsəi “Sunənul-Kubra” 8752; Əbu Yəalə “Musnəd” 1534).
əl-Bəqərə, 219-220
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ * فِي الدُّنْيَا وَالْآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلَاحٌ لَهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللَّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاءَ اللَّهُ لَأَعْنَتَكُمْ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
219. Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz –
220. dünya və Axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

 
İmam Əhməd Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Şərab içməyi qadağan edən ayə nazil olmamışdan öncə Ömər Allaha dua edərək dedi: “Ey Allahım! Bizə şərab barədə açıq-aydın bir qərar ver!” Sonra “əl-Bəqərə” surəsindəki bu ayə nazil oldu: “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır”. Öməri çağırdılar və bu ayəni ona oxudular. O yenə də Allaha dua edərək dedi: “Ey Allahım! Bizə şərab barədə açıq-aydın bir qərar ver!” Sonra “ən-Nisa” surəsindəki bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın” (“ən-Nisa”, 43). Bundan sonra Allah Elçisinin ﷺ carçısı namaz zamanı: “Sərxoş olanlar namaza yaxın durmasınlar”, – deyərək car çəkdi. Öməri çağırdılar və bu ayəni ona oxudular. O yenə də Allaha dua edərək dedi: “Ey Allahım! Bizə şərab barədə açıq-aydın bir qərar ver!” Nəhayət, “əl-Maidə” surəsindəki ayə nazil oldu. Öməri çağırdılar və bu ayəni ona oxudular. Ayənin: “Siz buna son qoyacaqsınızmı?” (“əl-Maidə”, 91) hissəsinə çatdıqda Ömər dedi: “Artıq son qoyduq! Artıq son qoyduq!” (“əl-Musnəd” (378), (Əhməd Şakir). Əbu Davud, 3672; Əhməd, 378; əl-Hakim, 3101, 7224. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Bu hədisi Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi, İbn Əbu Hatim və İbn Mərdəveyh rəvayət etmişlər. Əli ibn əl-Mədini demişdir: “Hədisin isnadı səhihdir. ət-Tirmizi də onu səhih görmüşdür”. İbn Əbu Hatim “Artıq son qoyduq!” cümləsindən sonra “içki həm malı, həm də ağlı aparır” ifadəsini əlavə etmişdir. (İbn Əbu Hatim, 2044). Bu hədis Əhmədin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədislə birlikdə “əl-Maidə” surəsində Uca Allahın bu ayəsinin təfsirində gələcək: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? Allaha itaət edin, Onun Elçisinə itaət edin və asi olmaqdan çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir” (“əl-Maidə”, 90–92). Uca Allahın “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar” ayəsində “sərxoşedici içki” dedikdə, Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) dediyi kimi, “ağlı başdan alan hər bir şey nəzərdə tutulur”. Bunun açıqlanması “əl-Maidə” surəsində gələcək. Həmçinin “qumar” kimi pul müqabilində oynanılan oyunlar barədə də açıqlama veriləcəkdir.
Uca Allah buyurur: “De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır”. Sərxoşedici içki və qumarın günahı dini cəhətdən, mənfəəti isə dünyəvi cəhətdəndir. Çünki içkidə bədənə fayda verən bəzi ünsürlər var. Həmçinin yeməyin həzmi, bədəndəki ifrazatların çıxması, zehnin bir müddət dondurulması və insanın keçici bir zövq alması kimi faydaları var. Habelə satılması və bundan pul əldə olunması da faydadır. Bəzi insanlar qumardan əldə etdikləri pulu özlərinə və ailələrinə xərcləməklə bunun fayda olduğunu hesab edirlər. Lakin bu faydalar onlardan gələn zərərlərlə müqayisədə çox azdır. Çünki içkinin zərəri birbaşa ağıl və dinlə əlaqəlidir. Bu səbəbdən Uca Allah ayənin ardında “Amma günahları mənfəətlərindən daha böyükdür” buyurur. Bu ayə içkinin qəti olaraq qadağan edilməsinin başlanğıcı idi. Ayə açıq şəkildə olmasa da, dolayısı ilə içkinin haram olmasına eyham edir.  Necə ki Ömərə (Allah ondan razı olsun) bu ayə oxunduqda o: “Ey Allahım! Bizə şərab barədə açıq-aydın bir qərar ver!”- deyə dua etmişdi. Nəhayət, “əl-Maidə” surəsində içkinin açıq-aydın haram olduğunu bildirən ayə nazil oldu: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” (“əl-Maidə”, 90–91).
Uca Allah buyurur: “Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Bu ayədə الْعَفْوَ [əl-afvə] – “Ehtiyacınızdan artıq qalanını!”- sözü həm mənsub (təsirlik halda), hə də mərfu (adlıq halda) oxunub. Hər iki oxunuş doğru və bir-birinə yaxındır. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə “Ehtiyacınızdan artıq qalanını!” dedikdə ailən üçün xərclədiyindən artıq qalanı nəzərdə tutulur”. Bunu Abdullah ibn Ömər, Mucahid, Qatədə və bir çox başqaları (Allah onlardan razı olsun) demişlər. İbn Cərir Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Eiçisi! Məndə bir dinar var, onu nə edim?” Peyğəmbər ﷺ dedi: “Onu özünə xərclə”. Kişi: “Məndə başqası da var”, – dedikdə Peyğəmbər ﷺ ona: “Onu ailənə xərclə”, – dedi. Kişi təkrar: “Məndə başqası da var”, – dedikdə Peyğəmbər ﷺ də ona: “Onu övladına xərclə”, – dedi. Kişi dedi: “Məndə yenə var”. Peyğəmbər ﷺ dedi: “Elə isə (hara xərclənməsinin) daha yaxşı olduğunu sən bilərsən”. (İbn Hibban, 4233; Əbu Davud, 1691, 1693. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1940). Bu hədisi Muslim “Səhih” əsərində rəvayət etmişdir. (ət-Tabəri (4170). Həmçinin Əhməd “əl-Musnəd” əsərində (7413) əvvəlinə əlavə edərək rəvayət etmişdir. Orada hədisin təxricində bildirmişəm ki, hədisi Əbu Davud, ən-Nəsəi və əl-Hakim rəvayət etmişlər. əl-Hakim hədisin Muslimin şərtinə görə səhih olduğunu demişdir. əl-Munziri “ət-Tərğib” əsərində hədisi İbn Hibbanın “Səhih” əsərinə nisbət etmişdir. əl-Hafiz İbn Kəsir hədisi Muslimin “Səhih” əsərinə nisbət etməklə səhv etmişdir, çünki bu hədis orada yoxdur. (Əhməd Şakir). Həmçinin, Muslim Cabirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ bir kişiyə belə dediyini rəvayət etmişdir: “Əvvəl özündən başla və özünə xərclə. Əgər artıq qalsa, ailənə xərclə. Əgər ailənə xərclədikdən sonra bir şey artıq qalsa, qohumlarına xərclə. Əgər qohumlarına xərclədiyindən bir şey artıq qalsa, beləcə ətrafına xərclə”. (Muslim, 1663, 2360). Yenə Muslimdə Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Ən xeyirli sədəqə zəngin ikən verilən (sədəqədir). Verən əl alan əldən daha xeyirlidir. Himayəndə olan kimsələrdən (ailə və valideynlərdən) başla”. (Muslim 1033, 1721, 2438). Başqa bir hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Ey Adəm oğlu! Malından artıq qalanını Allah yolunda xərcləməyin sənin üçün daha xeyirlidir. Saxlamağın isə sənin üçün şərdir. Bil ki, ehtiyacın olan mala görə sənə qınaq yoxdur”. (Muslimin “Səhih” əsərində (1/283) Əbu Uməmədən (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin Əhməd və ət-Tirmizi rəvayət etmişlər. Necə ki “əl-Fəthul-Kəbir” əsərində bildirilir. (Əhməd Şakir). Muslim, 1036, 1718, 2435). Bəzi alimlər bu ayənin zəkatı vacib edən ayə ilə qüvvədən düşdüyünü bildirmişlər. Necə ki Əli ibn Əbu Talhə və əl-Aufi, İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət etmişlər. Əta əl-Xorasani və əs-Suddi də belə demişlər. Bəzi alimlər isə bu ayənin zəkat ayəsi ilə açıqlandığını bildirmişlər. Mucahid və digərləri də belə demişlər. Bu rəy daha uyğundur.
Uca Allah buyurur: “Allah ayələri sizə belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz dünya və Axirət barəsində”, yəni Allah sizə bu ayənin ehkamlarını açıqlayaraq bəyan etdiyi və izah etdiyi kimi, digər ayələrin ehkamlarını, bu ayələrdəki vədini və əzablarını da beləcə açıqlayır ki, ola bilsin, dünya və Axirət barədə yaxşıca düşünəsiniz.
Uca Allah buyurur: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir”. İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Elə ki Uca Allah “Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin” (“əl-İsra”, 34) və “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər” (“ən-Nisa”, 10) ayələrini nazil etdi, kimin ki yanında yetim var idi, yeməyini yeməyindən, içkisini içkisindən ayırdı. Onlar yetimin yeməyini o yeyincəyə, ya da korlanıncaya qədər ayırıb saxlayırdılar. Bu onlara çətin gəldi, ona görə bunu Allahın Elçisinə ﷺ xəbər verdilər. Uca Allah bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır” (“əl-Bəqərə”, 220). Bundan sonra yeməklərini (yetimin) yeməyinə, içkilərini isə içkisinə qatdılar”. (Əbu Davud, 2873; ən-Nəsəi, 3669; əl-Hakim, 3184. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 3371). Əbu Davud, ən-Nəsəi, İbn Əbu Hatim və İbn Mərdəveyh bu hədisi bu şəkildə rəvayət etmişlər. (ət-Tabəri (4183), Əbu Davud (2871), əl-Hakim (2/103). əl-Hakim demişdir: “Səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi onunla razılaşmışdır. Əhməd müxtəsər olaraq rəvayət etmişdir (3002). əl-Hakim bir daha rəvayət etmişdir (2/278-279) və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). Mucahid, Əta, əş-Şabi və bir çox təfsir alimləri ayənin nazilolma səbəbi barədə bu hədisi rəvayət etmişlər.
Uca Allah buyurur: “De: “Onlara yaxşılıq etmək xeyirlidir”, yəni əgər sizdən ayrı olsalar, onlara yaxşılıq etmək xeyirlidir. “Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”,  yəni əgər yetimlərin yeməklərini yeməyinizə, içkilərini içkinizə qatırsınızsa, bilin ki, bu şeydə bir qəbahət yoxdur. Çünki onlar sizin din qardaşlarınızdır. Bu səbəbdən Uca Allah ayənin davamında “Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir” buyurur. Yəni kimin niyyətinin və məqsədinin pislik etmək, kimin də yaxşılıq etmək olduğunu Allah çox yaxşı bilir.
Uca Allah buyurur: “Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir”, yəni əgər Allah istəsəydi, sizi çətinliyə və sıxıntıya salardı. Lakin Allah sizə qəlb rahatlığı və asanlıq verdi. Xeyirxah məqsədlə yetimləri öz içinizə qatıb, bir yerdə yaşamanıza icazə vermişdir. Necə ki buyurur: “Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin” (“əl-Ənam”, 152). Əksinə, Uca Allah kasıb olanın yetimin malından insafla yeməsinə icazə vermişdir. Bu şərtlə ki, gələcəkdə imkanı olarsa, əvəzini ödəyər, imkanı olmayan isə qarşılıq ödəmədən xərcləyə bilər.
əl-Bəqərə, 221
وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
221. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

 
Bu ayədə Uca Allah bütpərəst müşrik qadınlarla evlənməyi möminlərə haram edir. Sonra əgər ayənin ümumi mənasını nəzərə alsaq, bu ayə Kitab əhli və bütpərəst olmasından asılı olmayaraq bütün müşrik qadınlara şamil edilir. Lakin Uca Allah bu ayənin ümumi mənasından Kitab əhlindən (yəhudi və xristian) olan qadınları istisna edərək buyurur: “İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır” (“əl-Maidə”, 5). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah bu ayədən Kitab əhlindən olan qadınları istisna etmişdir”. Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqaları da belə demişlər. Bəzi təfsir alimləri demişlər: “Bu ayədə yalnız bütpərəst müşrik qadınlar nəzərdə tutulur, Kitab əhlindən olan qadınlar nəzərdə tutulmur”. Bu fikir də birinciyə yaxındır. Ən doğrusunu Allah bilir.
İbn Cəririn Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisə gəlincə, “Peyğəmbər ﷺ mömin mühacir qadınlardan başqa qadınlarla evlənməyi qadağan etdi. İslamdan başqa bir dinə mənsub olan qadınları da haram etdi. Uca Allah buyurur: “İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar” (“əl-Maidə”, 5)”. Bu hədis olduqca qəribədir. (ət-Tabəri (4221), isnadı səhihdir. Lakin bu mətn olduqca fərqlidir. Həmçinin digər dəlillərə müxalifdir, şəzdir. (Əhməd Şakir). Əbu Cəfər İbn Cərir Kitab əhlindən olan qadınlarla evlənməyin icazəli olması barədə alimlər arasında icma (yekdil rəy) olduğunu nəql etdikdən sonra demişdir: “Ömər bunu müsəlman kişilər müsəlman qadınlarla evlənməyi tərk etməsinlər deyə və ya başqa səbəbdən dolayı bəyənməmişdir”. Sonra İbn Cərir Şəqiqin belə dediyini rəvayət etmişdir: “Huzeyfə yəhudi bir qadınla evləndi. Ömər ona məktub yazaraq məktubunda “Onu boşa!” yazmışdı. Huzeyfə Ömərə: “Onunla evlənməyin haram olduğunu hesab edirsənmi? Elə isə onu sərbəst buraxım?” – deyə cavab verdi. Ömər də ona: “Onunla evlənməyin haram olduğunu hesab etmirəm, lakin qorxuram ki, müsəlman kişilər onların əxlaqsız qadınlarına aludə olarlar”, – deyə cavab verdi. (İbn Əbu Şeybə “Musannəf” 16417. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1889). Bu hədisin isnadı səhihdir. (ət-Tabəri (4223). Şəqiq ibn Sələmə Əbu Vail böyük tabiindir. Hədisdəki المومسات “əxlaqsız qadınlar” sözü ət-Tabərinin “Bulaq” nüsxəsində, İbn Kəsirin və “əd-Durrul-Mənsur”un çap olunmuş nüsxələrində təhrif olunaraq المؤمنات “mömin qadınlar” kimi yazılmışdır. Bu isə kobud səhvdir. Doğru variantı “əl-Əzhəriyyə” əlyazmasında, əl-Beyhəqi (7/172), əl-Cəssas (1/333) və əl-Qurtubidə (3/68) vardır. (Əhməd Şakir). İbn Cərir Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidir, lakin xristian kişinin müsəlman qadınla evlənməsi qadağandır”. (ət-Tabəri, 4222, 4249). Bu hədisin isnadı əvvəlkindən daha səhihdir./*ət-Tabəri (4222), isnadı səhihdir, bitişikdir. əl-Beyhəqi “Sunənul-Kubra” əsərində də belə rəvayət etmişdir (7/172), (Əhməd Şakir). əl-Həsən Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Biz Kitab əhlindən olan qadınlarla evlənə bilərik, amma onlar bizim qadınlarımızla evlənə bilməzlər”. (ət-Tabəri, 4224, 4251). Sonra İbn Cərir demişdir: “Bu hədisin isnadı barədə bəzi şeylər deyilsə də, bu görüşün doğru olması barədə ümmətin alimlərinin icması (yekdil rəyi) vardır”. (Cabirin (Allah ondan razı olsun) bu hədisini ət-Tabərinin rəvayətindən başqa digər kitablarda tapa bilmədim. İsnadı səhihdir. Baxmayaraq ki, İbn Cərir bu hədis barədə “hədisin isnadı barədə bəzi şeylər deyilsə də” ifadəsini işlətmişdir. ət-Tabərinin təxricində qeyd etdiyim kimi, ola bilsin, İbn Cərir bu ifadəsi ilə bəzi hədis alimlərinin hədisi rəvayət edən əl-Həsənin Cabirdən (Allah ondan razı olsun) hədis eşitməməsini nəzərdə tutmuşdur. Əslində isə hər ikisinin eyni dövrdə yaşaması hədisin qəbulu üçün yetərlidir. Həmçinin üstün rəy budur ki, əl-Həsən Cabirdən (Allah ondan razı olsun) eşitmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Ömər (Allah ondan razı olsun) Uca Allahın “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin” ayəsinə əsaslanaraq Kitab əhlindən olan qadınlarla evlənməyi qadağan etmişdir”. (İbn Əbu Hatim, 2099; İbn Əbu Şeybə “Musannəf” 16420). əl-Buxari İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bir kişinin: “Evləndiyim qadının Rəbbi İsadır”, – deməsindən daha böyük bir şirk olduğunu bilmirəm”. (əl-Buxari, 4887, 5285).
Uca Allah buyurur: “Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir”. əs-Suddi demişdir: “Bu ayə Abdullah ibn Rəvəhə (Allah ondan razı olsun) barədə nazil olub. Abdullahın zənci bir köləsi vardı. Bir dəfə qəzəblənərək onu vurdu. Sonra peşman olub Peyğəmbərin ﷺ yanına gəldi və hadisəni ona bildirdi. Peyğəmbər ﷺ ondan: “O, dində necədir? – deyə soruşdu. Abdullah: “Oruc tutar, namaz qılar, gözəl şəkildə dəstəmaz alar, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və sənin Allahın Elçisi olduğuna şəhadət gətirər”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Abdullah, bu qadın mömindir”. Abdullah: “Səni haqq olaraq göndərənə (Allaha) and olsun ki, onu azad edəcəm və onunla evlənəcəm”, – dedi və dediyini də etdi. Bəzi müsəlmanlar “nökəri ilə evləndi”, – deyərək onu qınadılar. Onlar özləri müşrik qadınlarla evlənmək istəyirdilər, qızlarını da əsil-nəcabətinə görə müşriklərlə evləndirmək istəyərdilər. Bu səbəbdən Uca Allah: “Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir”, “Əlbəttə, iman gətirmiş bir kölə sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir” ayəsini endirdi. (ət-Tabəri, 4252; əl-Vahidi “Əsbəbun-Nuzul” səh. 45. Hədis zəifdir). Abd ibn Humeyd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Qadınlarla gözəlliklərinə görə evlənməyin. Ola bilsin, gözəllikləri onları həlak edər. Qadınlarla mal-dövlətinə görə evlənməyin. Ola bilsin, malları onları azdırar. Qadınlarla dininə görə evlənin. Həqiqətən, qaradərili, qulağı kəsik dindar bir nökər qadın (dinsizdən) daha yaxşıdır”. (Abd ibn Humeyd, 328; əl-Bəzzər, 2438; əl-Beyhəqi ”Sunənul-Kubra” 13247, 13851). Hədisin sənədində olan əl-İfriqi zəif bir ravidir.  (İsnadı səhihdir. Hədisin sənədində olan əl-İfriqi Abdur-Rahmən ibn Ziyad ibn Ənumdur. O, etibarlı ravidir və onu zəifləşdirənlər səhv etmişdir. ət-Tabərinin təxricində onun etibarlı olmasını açıqlamışıq (2195). Hədisi İbn Məcə (1859) rəvayət etmişdir. əs-Siyuti “əd-Durrul-Mənsur” əsərində əlavə olaraq hədisi Səid ibn Mənsura və əl-Beyhəqiyə nisbət etmişdir. əl-Busiri “Zəvəid İbn Məcə” kitabında qeyd etmişdir ki, hədisi həmçinin İbn Hibban “Səhih” əsərində başqa isnadla rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə, əsil-nəcabətinə, gözəlliyinə və dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan”.  (əl-Buxari, 4700, 5090; Muslim, 2661, 3708). Muslim eyni hədisi Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Muslim “Səhih” əsərində (1/419) rəvayət etmişdir. (Əhməd Şakir). Həmçinin Muslim Abdullah ibn Amrdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Dünya mal və zinətdən ibarətdir. Dünyanın ən xeyirli malı və zinəti əməlisaleh qadındır”. (Muslim “Səhih” əsərində (1/419) rəvayət etmişdir. Həmçinin Əhməd “əl-Musnəd” əsərində (6567), ən-Nəsəi (2/72-73), İbn Məcə (1855) rəvayət etmişlər. Hədisi rəvayət edən səhabə Abdullah ibn Amr ibn əl-Asdır (Allah ondan razı olsun). İbn Kəsirin əlyazmasında və çap olunmuş nüsxədə İbn Ömər (Allah ondan razı olsun) yazılıb. Bu, kitabı köçürənlərin səhvidir (Əhməd Şakir). Muslim, 2668, 3716).
Uca Allah buyurur: “Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin”, yəni mömin qadınları müşrik kişilərə ərə verməyin. Başqa ayədə buyurduğu kimi: “Nə bunlar (mömin qadınlar) onlara (müşrik kişilərə) halaldır, nə də onlar bunlara halaldırlar” (“əl-Mumtəhənə”, 10).
Sonra Uca Allah buyurur: “Əlbəttə, iman gətirmiş bir kölə sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir”, yəni mömin kişi Həbəşi qul olsa belə, adlı-sanlı rəhbər müşrikdən xeyirlidir. Çünki “Onlar Oda çağırırlar”, yəni onlarla yaşamaq, onlarla birlikdə olmaq insanı dünya sevgisinə, dünya malı toplamağa və dünya həyatını Axirətdən üstün tutmağa sürükləyir. Bunun isə aqibəti çox pisdir. “Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir”, yəni Allah buyurduğu şəriəti ilə, əmrləri və qadağaları ilə insanları Cənnətə və bağışlanmağa çağırır və “O Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar”.
əl-Bəqərə, 222-223
وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ * نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ
222. Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

 
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki: “Yəhudilər qadınları heyz olduqda onlarla (bir süfrədə) yemək yeməz və onlarla bir evdə qalmazdılar. Peyğəmbərin ﷺ səhabələri bununla bağlı ondan soruşdular və Uca Allah bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla (yaxınlıq etməkdən) uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”. (Ayə nazil olduqdan) sonra Peyğəmbər ﷺ buyurdu: “(Heyzli qadınlarla) cinsi əlaqədən başqa hər şey edə bilərsiz”. Bu xəbər yəhudilərə çatdıqda onlar dedilər: “Bu adam hər bir işdə bizim etdiklərimizin əksini edir”. Useyd ibn Hudeyr və Abbad ibn Bişr (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - yanına) gəlib dedilər: “Ey Allahın Elçisi! Yəhudilər belə-belə deyirlər. (Onlara müxalif olmaq üçün) heyzli qadınlarla cinsi əlaqəyə girəkmi?” Peyğəmbərin ﷺ sifəti dəyişdi, hətta bizə elə gəldi ki, onun bu iki nəfərə qəzəbi tutmuşdur. Sonra onlar çıxıb getdilər. Onların ardınca Peyğəmbərə ﷺ hədiyyə olaraq süd gətirdilər. Peyğəmbər ﷺ (südü səhabələrdən birinə verib) onların dalınca göndərdi və o bu süddən onlara içirtdi. Beləliklə də, o iki nəfər Peyğəmbərin ﷺ onlara acığı tutmadığını başa düşdü”. (Muslim, 302, 455, 720; Əbu Davud, 258, 2165; ət-Tirmizi, 2977). Bu hədisi Muslim rəvayət etmişdir.
Uca Allah buyurur: “Heyz vaxtı qadınlardan kənar olun”, yəni cinsi əlaqədə olmaqdan çəkinin, çünki hədisdə Peyğəmbərin ﷺ belə dediyi gəlmişdir: “(Heyzli qadınlarla) cinsi əlaqədən başqa hər şey edə bilərsiz”. (Muslim, 302, 455, 720). Bu səbəbdən alimlərdən bir çoxu, ya da əksəriyyəti heyzli qadına cinsi əlaqədən başqa hər cür yaxınlaşmanın icazəli olduğunu demişlər. Əbu Davud İkrimədən rəvayət etmişdir ki, Peyğəmbərin ﷺ bəzi zövcələri demişlər: “Peyğəmbər ﷺ zövcələrindən heyzli olanla (cinsi əlaqəyə girmədən) yaxınlıq etmək istədikdə, onun övrət yerini bir paltarla örtərdi”. (Əbu Davud (272). İsnadı səhihdir. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4663).
İbn Cərir rəvayət edir ki, Məsruq Aişənin (Allah ondan razı olsun) yanına gəlib dedi: “Peyğəmbərə və onun ailəsinə salam olsun!” Aişə: “Xoş gəldin”, – deyib ona daxil olmağa izin verdi, o da daxil oldu. Məsruq dedi: “Ey Aişə! Səndən bir şey barədə soruşmaq istəyirəm, lakin utanıram”. Aişə dedi: “Mən sənin ananam, sən də mənim oğlumsan, (utanma soruş!)” Məsruq dedi: “Bir kişinin həyat yoldaşı heyzli olarsa, kişi ehtirasını söndürmək üçün ona necə yaxınlaşa bilər”. Aişə dedi: “Cinsi əlaqədən başqa hər şey edə bilər”. (ət-Tabəri, 4245). İsnadı səhihdir. ət-Tabəri bu hədisdən əvvəl və sonra Aişədən (Allah ondan razı olsun) bu mənada səhih isnadlarla hədislər rəvayət etmişdir. Bu hədisin mətni Aişənin (Allah ondan razı olsun) sözü olsa da, məna baxımından Peyğəmbərin ﷺ sözüdür. Çünki əgər səhabə halal və ya haramı bildirən bir şey barədə xəbər verərsə, demək ki, bunu insanlara xeyir öyrədən Peyğəmbərdən ﷺ rəvayət etmişdir. Çünki bir şeyin halal və ya haram olması yalnız ondan götürülür. Lakin əgər dəlillər göstərsə ki, bu sözü səhabə öz rəyindən deyib, bu halda Peyğəmbərə nisbət olunmur. Dəlillər göstərir ki, Aişədən (Allah ondan razı olsun) gələn bu rəvayət Peyğəmbərə ﷺ nisbət olunur. Məsruq qadınlara aid olan və qadınlardan, xüsusilə də möminlərin analarından soruşulması həya edilən bu dəqiq məsələni Aişədən (Allah ondan razı olsun) soruşmasına səbəb halal və haramı bizə bildirən Peyğəmbərin ﷺ bu barədə hökmünü bilmək idi, Aişənin (Allah ondan razı olsun) xüsusi rəyini bilmək deyildi. Çünki o vaxt səhabələr çox idi və hər tərəfə yayılmışdılar. (Əhməd Şakir). ət-Tabəri, 4245, 4272). İbn Abbas, Mucahid, əl-Həsən və İkrimə (Allah onlardan razı olsun) də eyni rəydədir. Mən deyirəm: “Heyzli qadını qucaqlamaq və onunla birlikdə yeməyin icazəli olmasında heç bir ixtilaf yoxdur”. Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ (etikafda ikən məsciddən başını mənə tərəf çıxardar) və mən heyzli olduğum halda onu yuyardım. Mən heyzli ikən Peyğəmbər ﷺ başını qucağıma söykəyər, sonra da Quran oxuyardı”. (əl-Hafiz İbn Kəsir bunu iki müxtəlif hədisdən cəm etmişdir. Hər ikisini Muslim rəvayət etmişdir (1/96), (Əhməd Şakir). Muslim, 447-448, 454, 712-713, 719). “Səhih” əsərində yenə Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən heyzli olduğum halda sümüklü soyutma ətdən dişləyər, sonra da onu Peyğəmbərə ﷺ uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub (ətdən dişləyərdi). Yenə heyzli ikən (bir şey) içər, sonra da (qabı) Peyğəmbərə ﷺ uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub içərdi”. (Əbu Davud (259). Həmçinin Muslim buna oxşar mətnlə rəvayət etmişdir (1/96), (Əhməd Şakir). Əbu Davud, 259; ən-Nəsəi “Sunən” 280, 378. Hədis səhihdir).
Bəzi alimlər demişlər: “Fitənin (Fitə  – hamamda çimərkən beldən aşağı hissəni bağlamaq üçün istifadə olunan parça örtükdür). altı istisna olmaqla heyzli qadına ehtirasla toxunmaq ərinə halaldır”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Məymunə bint əl-Hərisdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə də belə deyilir: “Peyğəmbər ﷺ heyzli ikən zövcələrindən birinə yaxınlaşmaq istədikdə ona fitə geyinməsini əmr edərdi”. (əl-Buxari, 292, 303). Hədisin mətni əl-Buxariyə aiddir. əl-Buxari və Muslimdə buna oxşar bir hədis Aişədən (Allah ondan razı olsun) rəvayət olunur. Bu və buna bənzər hədislər heyzli qadının fitədən yuxarı hissəsinin ərinə halal olması rəyini deyənlərin əsaslandığı əsas dəlillərdir. Bu, əş-Şafii məzhəbindəki iki rəydən biridir. Həmçinin İraq alimlərinin bir çoxunun və digər fəqihlərin seçdiyi rəy də budur. Bu rəyin qaynaqlandığı nöqtə budur ki, fitənin altında olan bədən hissəsi cinsiyyət üzvünün birbaşa ətrafı olduğu üçün haram sayılır. Çünki bu hissəyə yaxınlaşmaq Allahın haram etdiyi və alimlərin də haram olmasında icma etdikləri cinsiyyət orqanı ilə yaxın təmasa səbəb ola bilər. Bu cəhətdən fitənin örtdüyü bədən hissəsi də haram sayılır. Üstəlik, bunu edən adam günah qazanmış olur. Bunun üçün Allaha tövbə edərək Ondan bağışlanmasını istəməlidir. Tövbə etdikdən sonra kəffarə verməlidirmi, ya yox? Bu məsələdə alimlər arasında iki rəy var:
Birinci rəy budur ki, kəffarə verməlidir. İmam Əhməd və “Sunən” əsərlərinin müəllifləri İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ zövcəsi ilə heyzli halda cinsi əlaqədə olan kişi barədə demişdir: “Bir dinar və ya yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, 264, 2170; ən-Nəsəi “Sunən” 289, 370. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 197). ət-Tirmizinin rəvayətində isə belədir: “Əgər heyz qanı qırmızı olarsa, bir dinar, sarı qan olarsa, yarım dinar”. (ət-Tirmizi, 137. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 554). Yenə İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ heyzli ikən zövcəsinə yaxınlaşan kişiyə bir dinar, qan kəsildikdən sonra qüsl etmədən yaxınlaşan kişiyə isə yarım dinar kəffarə müəyyən etmişdir. (Əhməd, 3473. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4529).  
İkinci rəy isə əş-Şafii məzhəbinin yeni və doğru rəyidir. Əksər alimlərin rəyi də budur ki, heyzli ikən zövcəsi ilə cinsi əlaqədə olan kişinin üzərinə kəffarə düşmür. Yalnız Allahdan bağışlanma diləməlidir, çünki onlara görə bu hədisin Peyğəmbərə ﷺ nisbət olunması səhih deyil. Daha əvvəl qeyd olunduğu kimi, bu hədis həm Peyğəmbərin , həm də səhabənin sözü olaraq rəvayət edilmişdir. Hədis alimlərinin çoxuna görə, səhih olan budur ki, hədis səhabənin sözüdür. Uca Allahın “pak olmayınca onlarla yaxınlıq etməyin” sözü “Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun” cümləsinin təfsiridir. Uca Allah bu ayə ilə heyz olduğu müddətdə qadınlarla cinsi əlaqədə olmağı qadağan etmişdir. Buradan aydın olan budur ki, heyz kəsilərsə və qadın qüsl edərsə, cinsi əlaqədə olmaq icazəlidir.
Uca Allah buyurur: “Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Uca Allah bu ayə ilə qullarını qadın heyz qüslü etdikdən sonra onunla təmasda olmağa yönəldir. İbn Həzm isə bu ayəyə – “Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın” – əsaslanaraq hər heyzdən təmizləndikdən sonra qadınla cinsi əlaqədə olmağın vacib olduğunu demişdir. Lakin bu rəydə onun əsaslandığı heç bir dəlil yoxdur. Çünki bu, qadağadan sonra varid olan əmrdir. (Burada qadağa dedikdə Uca Allahın “Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun” sözü nəzərdə tutulur. Əmr dedikdə isə Uca Allahın “Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın” əmri nəzərdə tutulur). Qadağadan sonra gələn əmr barədə üsul-fiqh alimlərinin bir çox rəyləri vardır. Alimlərdən bəziləri qadağadan sonra gələn əmrin ümumi işlənən əmr kimi vacib mənasında gəlməsini demişlər. İbn Həzmə  veriləcək cavab bu rəydə olanlara da verilməlidir. Üsul alimlərindən bəziləri isə qadağadan sonra gələn əmrin mubah (icazə) mənasında olduğunu demişlər. Bu rəydə olanlar əmrdən əvvəl gələn qadağanı vacibliyi qaldıran bir səbəb kimi qəbul etmişlər. Bunu isə nəzərdən keçirmək lazımdır. Dəlillərin üstün etdiyi rəy budur ki, qadağadan sonra varid olan əmrin tələb etdiyi hökm qadağadan əvvəlki hala qaytarılır. Əgər qadağadan əvvəlki hökm vacib idisə, qadağadan sonrakı əmrin hökmü də vacib olur. Uca Allahın: “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün” (“ət-Tövbə”, 5) ayəsində olduğu kimi. Əgər qadağadan əvvəlki hökm mubah (icazəli) idisə, qadağadan sonrakı əmrin hökmü də mubah (icazəli) olur. Necə ki Uca Allahın: “Ehramdan çıxdığınız zaman ov edin” (“əl-Maidə”, 2) və “Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın” (“əl-Cumuə”, 10) ayələrində olduğu kimi. Dəlillər bu rəy ətrafında toplaşır və doğru olan da bu rəydir. Fiqh alimləri yekdil rəyə gəlmişlər ki, qadının heyz qanı kəsildikdən sonra qüsl almayana qədər və ya qüsl almaq mümkün olmadığı təqdirdə şərtlərə uyğun təyəmmüm etməyənə qədər onunla cinsi əlaqədə olmaq halal deyil. Yalnız Əbu Hənifə demişdir ki, əgər qadının heyz qanı ən uzun müddətdə kəsilərsə – ona görə bu müddət on gündür – qanın kəsilməsi ilə cinsi əlaqədə olmaq halal olur, qadının qüsl almasına ehtiyac yoxdur. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. İbn Abbas, Mucahıd və başqaları (Allah onlardan razı olsun) demişlər: “Yəni qadının cinsiyyət üzvündən ona yaxınlaşın”. Bu ayə dəlildir ki, qadına anal yoldan yaxınlaşmaq haramdır. İrəlidə bu haqda danışılacaq. Əbu Razin, İkrimə, əd-Dahhək və başqaları Uca Allahın “Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın” ayəsinin təfsirində demişlər: “Yəni heyzli olmayıb təmiz olduqları halda onlara yaxınlaşın”. Bu səbəbdən Uca Allah ardından buyurur: “Şübhəsiz ki, Allah tövbə edənləri də sevir”, yəni təkrar olunsa belə, günahlardan tövbə edənləri sevir; “pak olanları da”, yəni heyzli halda və ya anal yoldan qadınlarla cinsi əlaqədə olmaq kimi natəmizliklərdən və pisliklərdən uzaq olanları sevir.
Uca Allah buyurur: “Qadınlarınız sizin tarlanızdır”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “(Burada) tarla uşağın dünyaya gəldiyi yerdir”. “Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın”, yəni eyni yerə (cinsiyyət orqanına) olmaq şərti ilə istər ön tərəfdən, istər arxa tərəfdən istədiyiniz kimi tarlanıza yaxınlaşın. Bu barədə hədislər sabit olmuşdur. əl-Buxari Cabirin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Yəhudilər deyirdilər: “Kişi öz qadını ilə arxa tərəfdən cinsi əlaqədə olarsa, doğulan uşaq çəpgöz olar”. Onda Allah bu ayəni nazil etdi: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın”. (əl-Buxari, 3022, 4164, 4528; Muslim, 3608-3609, 2592). Hədisi Muslim və Əbu Davud rəvayət etmişlər. Rəvayət edilir ki, Muaviyə ibn Heydə əl-Quşəri (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ demişdir: “Ey Allahın Elçisi! Qadınlarımızla nəyi edə bilərik və nəyi edə bilmərik?” Peyğəmbər ﷺ dedi: “Qadın sənin tarlandır. Tarlana istədiyin kimi yaxınlaşa bilərsən. Lakin ədəbləndirmək istəsən, üzünə vurma, təhqir etmə və yatağını ayırmaq istəsən, bunu evində et!” (Əhməd, 20057, 20304; Əbu Davud, 2145. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 687). Hədisi Əhməd və “Sunən” əsərlərinin müəllifləri rəvayət etmişlər. Əhməd Abdur-Rahmən ibn Səbitin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Həfsa bint Abdur-Rahmən ibn Əbu Bəkrin yanına gəlib dedim: “Mən səndən bir şey barəsində soruşmaq istəyirəm, lakin utanıram”. O dedi: “Utanma, ey qardaşoğlu!” Mən dedim: “Mən səndən qadınlara (cinsiyyət orqanına olmaq şərtilə) arxadan yaxınlaşmaq barədə soruşmaq istəyirəm”. Həfsa dedi: “Ummu Sələmə mənə danışmışdır ki, ənsarlardan olan kişilər qadınları ilə qadının üzü aşağı olmaqla arxadan cinsi əlaqədə olmurdular. Yəhudilər deyərdilər: “Kişi öz qadını ilə arxa tərəfdən cinsi əlaqədə olarsa, doğulan uşaq çəpgöz olar”. Muhacirlər Mədinəyə gəldikdən sonra ənsar qadınlarla evləndilər və onlara (cinsiyyət orqanına olmaq şərtilə) arxadan yaxınlaşmaq istədikdə qadınlardan biri bu şeydə ərinə itaət etməkdən boyun qaçırdı və dedi: “Peyğəmbərdən ﷺ bu barədə soruşmayana qədər bunu etməyə icazə vermərəm”. Qadın Ummu Sələmənin yanına gəlib bu barədə ona xəbər verdi. Ummu Sələmə qadına dedi: “Peyğəmbər gələnə qədər gözlə”. Peyğəmbər ﷺ gəldikdə qadın ondan bu barədə soruşmağa utandı və çölə çıxdı. Ummu Sələmə Peyğəmbərə bu barədə xəbər verdi. Peyğəmbər ﷺ dedi: “Ənsarlı qadını çağır!” Qadını çağırdılar və Peyğəmbər ﷺ ona bu ayəni oxudu: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın”, eyni yerə – cinsiyyət orqanına olmaq şərtilə”. (Əhməd, 26643, 27136. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir). Hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir: “Həsən” hədisdir”. (“əl-Musnəd” (6/305, Hələb nəşri). İsnadı səhihdir. (Əhməd Şakir). İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Ömər ibn əl-Xattab Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, həlak oldum!” Allah Elçisi ﷺ dedi: “Səni həlak edən nədir?” O dedi: “Bu gecə zövcəmlə (cinsiyyət üzvünə olmaqla) arxa tərəfdən yaxınlıq etdim”. Peyğəmbər ﷺ ona bir şey söyləmədi və Allah Peyğəmbərə ﷺ bu ayəni vəhy etdi: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın”. Sonra Peyğəmbər ﷺ Ömərə dedi: “Heyz halından və anal yoldan qorunmaq şərtilə öndən və arxadan yaxınlıq edə bilərsən!” (ət-Tirmizi, 2980, 3247; Əhməd, 2703. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3191). Hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir: “Hədis həsən-ğaribdir”. (“əl-Musnəd” (2703), ət-Tirmizi (4/75-76), ət-Tabəri (4347), İbn Hibbanın “Səhih” əsəri (62/364, 365), (“əl-İhsan” əlyazmasından) hədis səhihdir. (Əhməd Şakir). Əbu Davud İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “İbn Ömər – Allah onu bağışlasın – yanılmışdı. Əslində, belədir ki, ənsarlardan olan qəbilələrdən biri – onlar bütpərəst idilər – yəhudilərdən olan bir qəbilə ilə – onlar isə Kitab əhli idilər – birlikdə yaşayırdılar. Yəhudilərin elmdə onlardan üstün olduqlarını hesab etdikləri üçün çox işlərdə onların etdiyi kimi edirdilər. Kitab əhlinin etdiyi əməllərdən biri də onların qadınlarla yalnız üz-üzə (uzanan) bir şəkildə cinsi əlaqədə olması idi. Bu halda qadın daha örtülü olardı. Ənsarlar da onların bu hərəkətini mənimsəmişdilər. Qureyş qəbiləsi isə qadınlarla pis bir şəkildə yaxınlıq edərdilər. Qadınları üz üstə, arxa üstə və söykənmiş halda uzadaraq onlardan ləzzət alardılar. Mühacirlər Mədinəyə gəldiyi zaman onlardan biri ənsardan olan bir qadınla evləndi. Onunla da belə yaxınlıq etmək istədikdə qadın ona: “Bizimlə yalnız bir şəkildə, üz-üzə yaxınlıq ola bilər, sən də belə et, ya da məndən uzaqlaş!”- deyərək buna razı olmadı. Nəhayət, münaqişələri böyüdü və bu xəbər Peyğəmbərə ﷺ çatdı. Uca Allah da bu ayəni nazil etdi: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın”- yəni övlad dünyaya gələn yerdən olmaq şərti ilə – üzü üstə, arxası üstə və söykənmiş halda uzanaraq yaxınlıq edə bilərsiniz!” (Əbu Davud, 2164, 2166; əl-Beyhəqi “Sunənul-Kubra” 13885, 14488; ət-Tabərani “Mucəmul-Kəbir” 10934; əl-Hakim, 2791. əl-Hakim və əz-Zəhəbi səhih olduğunu bildirmişlər). Bu hədisi yalnız Əbu Davud rəvayət etmişdir. (Əbu Davud (2164). İsnadı səhihdir. Həmçinin ət-Tabəri (4337, 4338), əl-Hakim (2/195, 279), əl-Beyhəqi (7/195-196), əl-Hakim səhih olduğunu bildirmişdir. əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). Əvvəl keçən hədislər bunun səhih olduğunu göstərir. Xüsusilə də Ummu Sələmənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisin məzmunu bu hədisin məzmununa bənzəyir.
İbn Abbas (Allah ondan razı olsun) “İbn Ömər – Allah onu bağışlasın – yanılmışdı” sözü ilə sanki əl-Buxarinin Nafidən rəvayət etdiyi bu hədisə işarə edir: “Nafi demişdir: “İbn Ömər Quran oxuduqda oxumağını bitirənə qədər danışmazdı. Bir gün onun yanına getdim. O, “əl-Bəqərə” surəsini oxudu və bir ayəyə çatdıqda dedi: “Bu ayənin nə üçün nazil olduğunu bilirsənmi?” Mən: “Xeyr”, – dedim. O: “Bu ayə bu səbəbdən nazil olmuşdur”, – və oxumağa davam etdi”. (əl-Qurtubi “Təfsir” 3/91). İbn Cərir Nafinin belə dediyini rəvayət edir: “Bir gün mən İbn Ömərin yanında Uca Allahın “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın” ayəsini oxudum. İbn Ömər dedi: “Bu ayənin nə üçün nazil olduğunu bilirsənmi?” Mən: “Xeyr”, – dedim. İbn Ömər dedi: “Qadınlara arxadan yaxınlaşmaq barədə nazil olub”. (ət-Tabəri, 4326). İbn Ömərin bu sözü, əvvəl qeyd etdiyimiz kimi, cinsiyyət üzvünə olmaq şərti ilə arxadan yaxınlaşmaq mənasındadır. Necə ki ən-Nəsəi Əbu ən-Nadrdan rəvayət etmişdir ki, bir dəfə o, İbn Ömərin azad etdiyi köləsi Nafiyə demişdir: “Sənin əleyhinə çox şey deyilir. Deyilənə görə, sən İbn Ömərin qadınlara anal yoldan yaxınlaşmağın icazəli olması barədə fətva verdiyini rəvayət edirsən”. Nafi dedi: “Mənim haqqımda yalan danışırlar. Mən sənə, əslində, işin nə yerdə olduğunu danışacağam. Bir gün İbn Ömər mənə Quranı əzbərdən oxuyurdu. Uca Allahın “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın” ayəsinə çatdıqda: “Ey Nafi, bu ayənin nazilolma səbəbi barədə bir şey bilirsənmi?”- dedi. Mən: “Xeyr”, – dedim. O: “Biz qureyşlilər qadınlara (cinsiyyət üzvünə olmaqla) arxa tərəfdən yaxınlıq edərdik. Mədinəyə gəldikdə ənsar qadınlarla evləndik və daha əvvəl qadınlarımıza yaxınlaşdığımız şəkildə onlarla yaxınlıq etmək istədikdə, onlar bunu istəmədilər və bunu böyük bir günah gördülər. Çünki ənsar qadınları yəhudilərin adətini mənimsəmişdilər və yalnız yanları üstə cinsi əlaqədə olmağa alışmışdılar. Uca Allah da: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın” ayəsini nazil etdi”. (ən-Nəsəi “Sunənul-Kubra” 8929). Bu rəvayətin isnadı səhihdir. Bu hədisi İbn Mərdəveyh rəvayət etmişdir.
Əksinə, İbn Ömərdən (Allah ondan razı olsun) buna əks olan bir rəvayət nəql edilərək bu əməlin (qadınlarla anal yoldan əlaqəyə girmənin) halal olmadığı açıq-aydın bildirilmişdir. Bu rəvayəti qarşıda verəcəyik. Bu rəy bəzi Mədinə fəqihlərinə və digərlərinə nisbət edilsə də, bəziləri də bu rəy İmam Malikin “əs-Sirr” kitabına isnaddır. Lakin əksər alimlər bu kitabın və bu rəyin İmam Malikə nisbətini rədd etmişlər. Qadına anal yoldan yaxınlaşmağın haram olmasına dəlalət edən və bu əməldən çəkindirən müxtəlif yollarla sabit olan çoxsaylı hədislər var. əl-Həsən ibn Arafə Cabirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allahdan həya edin! Allah isə haqqı deməkdən əsla utanmaz. Qadınlara qeyri-təbii yolla (anal yoldan) yaxınlaşmaq halal deyil”. (İsnadı səhihdir. Həmçinin əd-Dəraqutni əl-Həsən ibn Arafənin yolu ilə rəvayət etmişdir (səh. 411). əl-Hafiz İbn Həcər “ət-Təlxis” əsərində (səh. 305) hədisi əd-Dəraqutnidən və İbn Şahindən qeyd etmişdir. “Məcməuz-Zavaid” kitabında (4/299) Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: “Peyğəmbər ﷺ qadınlarla anal yoldan yaxınlaşmağı qadağan etmişdir”. ət-Tabərani rəvayət etmişdir. Raviləri etibarlıdır”. (Əhməd Şakir). əd-Dəraqutni “Sunən” 3750, 3796. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 934). İmam Əhməd Huzeymə ibn Sabit əl-Xatmidən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allah haqqı deməkdən əsla utanmaz, Allah haqqı deməkdən əsla utanmaz (üç dəfə təkrar etdi). Qadınlarla anal yoldan cinsi əlaqəyə girməyin”. (ən-Nəsəi “Sunənul-Kubra” 8960, 9009; əl-Beyhəqi “Sunənul-Kubra” 13897, 14499; ət-Tabərani “Mucəmul-Kəbir” 3645. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3377). Bu hədisi ən-Nəsəi və İbn Məcə Huzeymə ibn Sabitə (Allah ondan razı olsun) çatan müxtəlif yollarla rəvayət etmişlər, lakin hədisin isnadında bir çox ixtilaflar var. (“əl-Musnəd” (5/215, Hələb nəşri) və buradakı isnadı səhihdir. Digər isnadları isə “əl-Musnəd” (5/213, 214, 215), İbn Məca (1924), əd-Dərimi (2/145), əl-Beyhəqi (7/196-198). Mənə görə, bu ixtilafın təsiri yoxdur. Bəzi isnadları səhihdir. Bundan başqa şeylər səhih olmasına təsir etmir. (Əhməd Şakir). ət-Tirmizi və ən-Nəsəi İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Allah bir kişi ilə və ya bir qadınla anal yoldan cinsi əlaqəyə girənin üzünə (Qiyamət günü) baxmaz”. (ət-Tirmizi, 1165, 1198. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 3195). Sonra ət-Tirmizi demişdir: “Bu hədis həsən-ğaribdir”. Bu hədisi İbn Hibban “Səhih” əsərində bu şəkildə rəvayət etmişdir. İbn Həzm də hədisin səhih olduğunu demişdir. Lakin ən-Nəsəi bu hədisi Huzeymə ibn Sabitin (Allah ondan razı olsun) sözü olaraq da rəvayət etmişdir. (Hədis İbn Hibbanın “Səhih” əsərindədir (6/365, 366, “əl-İhsan” əlyazması), (Əhməd Şakir).
Abd ibn Humeyd təfsirində Tavusdan rəvayət edir ki, bir kişi İbn Abbasdan (Allah ondan razı olsun) qadınlarla anal yoldan cinsi əlaqəyə girmək barədə soruşdu. İbn Abbas dedi: “Məndən küfr barədəmi soruşursan!?” (ən-Nəsəi “Sunənul-Kubra” 8958; əl-Beyhəqi “Şuabul-İman” 4993; Abdur-Razzəq “Musannəf” 20953). Xəbərin isnadı səhihdir. ən-Nəsəi də buna bənzər bir hədis rəvayət etmişdir. İmam Əhməd Amr ibn Şueybdən, o atasından, o da babasından Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim zövcəsi ilə anal yoldan cinsi əlaqəyə girərsə, etdiyi bu əməl kiçik lutilikdir (homoseksuallıqdır)”. (“əl-Musnəd” (6706, 6967, 6968). Həmçinin əl-Bəzzər və ət-Tabərani “əl-Əvsət” əsərində rəvayət etmişlər. əl-Munziri “ət-Tərğib” əsərində (3/200) və əl-Heysəmi “əz-Zəvaid” əsərində (4/298) səhih olduğunu bildirmişlər (Əhməd Şakir). Əhməd, 6967. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 234). Əbu əd-Dərdə (Allah ondan razı olsun) isə bu barədə belə demişdir: “Bunu ancaq kafir edər”. (Əbu əd-Dardadan gələn bu rəvayət “əl-Musnəd” əsərində 6968 saylı hədisə aiddir. İsnadı səhihdir. Bu hədisin mətni səhabənin sözü olsa da, mənası Peyğəmbərə ﷺ nisbət olunur. Çünki səhabə bir şeyin küfr olmasını yalnız Peyğəmbərin ﷺ Rəbbindən gətirdiyi xəbərə əsasən deyə bilərdi. Bu kimi şeylər rəy və ya qiyasla deyilə bilməz. (Əhməd Şakir). Əhməd, 6968. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Amr ibn Şueybin atasından, o da Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədis Abdullah ibn Amrın sözü kimi də rəvayət edilmişdir. (Beləcə əl-Hafiz İbn Kəsir bu hədisin “movquf” (səhabəyə nisbət olunan) rəvayətini “mərfu” (Peyğəmbərə ﷺ nisbət olunan) rəvayətin mötəbərliyinə xələl gətirən səbəb kimi qeyd etmişdir. əl-Hafiz İbn Həcər də “ət-Təlxis” (səh. 306) kitabında bunu bildirmişdir. Lakin onlar belə etməklə heç bir dəlil olmadan “movquf” rəvayəti “mərfu” rəvayətdən üstün tutmuşlar. Əslində isə etibarlı bir ravinin, hətta bir neçə ravinin bir hədisi Peyğəmbərə ﷺ nisbət etməsi onlar tərəfindən bir əlavədir. Etibarlı ravinin hədisin mətninə və ya sənədinə etdiyi əlavələr isə hədis alimləri tərəfindən məqbul sayılır. (Əhməd Şakir). İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allah (Qiyamət günü) arvadına anal yoldan yaxınlaşana baxmayacaq”. (Əhməd, 7670. Hədis səhihdir.“Səhih əl-Cami, 1691). Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan başqa bir hədisdə deyilir: “Arvadına anal yoldan yaxınlaşan lənətlənmişdir”. (Əbu Davud, 2164; Əhməd, 9731. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2432). Əbu Davud, ən-Nəsəi və İbn Məcə da buna bənzər hədislər rəvayət etmişlər. (“əl-Musnəd” (7670, 8013, 9731, 10209). İsnadları səhihdir). İmam Əhməd və “Sunən” əsərlərinin müəllifləri Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Kim heyzli qadınla cinsi əlaqədə olarsa və ya qadına anal orqandan yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə, artıq Muhəmmədə nazil olanı inkar etmişdir”. (ət-Tirmizi, 135; İbn Məcə, 639. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3387). ət-Tirmizi demişdir: “əl-Buxari bu hədisi zəif görmüşdür”. Həkim əl-Əsrəmin Əbu Təmimədən rəvayət etdiyi hədis barədə əl-Buxari demişdir: “Onun hədislərinə baxılmır”. (Əhməd Şakir demişdir: “əl-Musnəd” əsərində (9279, 10170) Həkim əl-Əsrəm yolu ilə Əbu Təmimə əl-Huceymidən, o da Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin əl-Buxari “ət-Tarixul-Kəbir” əsərində (2/1/16) Həkim əl-Əsrəm yolu ilə rəvayət etmiş, sonra demişdir: “Bu hədisə baxılmır. Əbu Təmimin Əbu Hureyradan hədis eşitməsi bilinmir”). ən-Nəsəi Əbu Hureyranın (Allah ondan razı olsun) dediklərini rəvayət etmişdir: “Kişilərin qadınlarına qeyri-təbii yolla (anal yoldan) yaxınlaşmaları küfrdür”. (ən-Nəsəi “Sunənul-Kubra” 8969, 9018. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3378). ən-Nəsəi bunu Əbu Hureyranın (Allah ondan razı olsun) sözü olaraq belə rəvayət etmişdir. (Əhməd Şakir demişdir: “Bu hədisin mətni səhabənin sözü olsa da, məna baxımından Peyğəmbərin ﷺ sözüdür. Necə ki az əvvəl Əbu əd-Dardanın (Allah ondan razı olsun) hədisində bildirdik. Həmçinin bu hədis Peyğəmbərin ﷺ sözü olaraq da rəvayət edilmişdir. əz-Zavaid əsərində (4/299) Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət olunur: “Qadınlarla qeyri-təbii yolla (anal yoldan) cinsi əlaqədə olan küfr etmişdir”. Hədisi ət-Tabərani rəvayət etmişdir. Raviləri etibarlıdır. əl-Hafiz İbn Kəsir burada Peyğəmbərdən ﷺ gələn rəvayətə işarə edərək demişdir: “Səhabədən gələn rəvayət daha səhihdir”).
İbn Məsuddan, Əbu əd-Dərdədən, Əbu Hureyradan, İbn Abbasdan və Abdullah ibn Amrdan (Allah ondan razı olsun) qadına qeyri-təbii yolla (anal yoldan) yaxınlaşmağın haram olması nəql edilmişdir. Həmçinin şəkk yoxdur ki, Abdullah ibn Ömərin (Allah ondan razı olsun) də bunu haram görməsi sabit olmuşdur. əd-Dərimi Səid ibn Yəsər Əbul-Həbbəbin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən İbn Ömərə dedim: “Bu cariyələrlə “təhmiz” etməyə nə deyirsən?” İbn Ömər: “Təhmiz” dedikdə nə nəzərdə tutursan?”- soruşduqda, o, qadınlara qeyri-təbii yolla – anal yoldan yaxınlaşmağı bildirdi. İbn Ömər dedi: “Heç müsəlman kəs bunu edərmi?!” (əd-Dərimi “Sunən” 1143; “Musnəd” 1182. Hədis səhihdir). Hədisin isnadı səhihdir. (əd-Dərimi (2/260-261), (Əhməd Şakir). Bu hədis İbn Ömərin (Allah ondan razı olsun) qadınla anal yoldan yaxınlıq etməyi haram barədə bildirməsi açıq-aydın dəlildir. Ondan rəvayət olunan və başqa məna bildirməsi ehtimal olunan rəvayətlərin hamısı bu hökmə qaytarılmalıdır. Məan ibn İsa İmam Malikdən (Allah ondan razı olsun) bu əməlin haram olmasını nəql etmişdir. (əl-Əzhəriyyə əlyazmasında və çap olunmuş nüsxədə “Məmər ibn İsa” gəlmişdir. Bu isə açıq-aydın səhvdir. (Əhməd Şakir). Əbu Bəkr ən-Neysəburi demişdir: “Malik ibn Ənəsdən soruşdum: “Qadınlarla qeyri-təbii yolla (anal yoldan) əlaqədə olmaq barədə nə deyirsən?” O dedi: “Məgər siz ərəb deyilsiniz? Tarla əkin olan yerə deyilmirmi? Cinsi əlaqədə olarkən qadının cinsiyyət üzvündən başqa yerə yaxınlaşma!” Mən dedim: “Ey Əbu Abdullah, camaat deyir ki, sən bunun icazəli olduğunu deyirsən”. O dedi: “Mənim barəmdə yalan danışırlar, mənim barəmdə yalan danışırlar”. İmam Malikdən sabit olan da budur. Bu, Əbu Hənifənin, əş-Şafiinin, Əhməd ibn Hənbəlin və onların davamçılarının hamısının rəyidir. Bu, Səid ibn əl-Museyyibin, Əbu Sələmənin, İkrimənin, Tavusun, Ətanın, Səid ibn Cubeyrin, Urvə ibn əz-Zubeyrin, Mucahid ibn Cəbrin, əl-Həsənin və digər sələflərin rəyidir. Onlar bu əməli kəskinliklə inkar etmiş, hətta bəziləri bu əməli küfr adlandırmışlar. Bu, əksər alimlərin rəyidir.
Uca Allah buyurur: “Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın”, yəni Allaha itaət etməklə və haramlarını tərk etmək barədə əmrlərinə tabe olmaqla. Bu səbəbdən ayənin ardından buyurur: “Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız”, yəni etdiyiniz bütün əməllərə görə sizi hesaba çəkəcəkdir; “Möminləri müjdələ”, yəni Allahın əmrlərinə itaət edən və qadağalarından çəkinənləri müjdələ.
əl-Bəqərə, 224-225
وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ * لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
224. Andlarınıza görə Allahın adını yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!
225. Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.

 
Uca Allah bu ayədə buyurur ki, əgər yaxşı işlər görmək və qohumluq əlaqələrini yaxşılaşdırmağı tərk etmək üçün Allaha and içsəniz, sonradan içdiyiniz bu andı yaxşı işlər görməyə və qohumluq əlaqələrini yaxşılaşdırmağa mane olan bir səbəb kimi götürməyin. Uca Allah başqa bir ayədə buyurduğu kimi: “Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir” (“ən-Nur”, 22). Bu halda and içən üçün anda davam etmək kəffarə verməklə andından imtina etməkdən daha böyük günahdır. Necə ki əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Allaha and olsun, sizdən birinizin andını israrla yerinə yetirib ailəsini təhlükə ilə üz-üzə qoyması onun üçün Allah yanında Onun buyurduğu kəffarəni verməkdən daha böyük günah sayılır”. (əl-Buxari (11452–11453, Fəthul-Bari), “əl-Musnəd” (8193), Muslim (2/18). Həmçinin Əhməd buna oxşar hədisi 7729 saylı hədisdə rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxar, 6135, 6625; Muslim, 3127, 4381). İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Andlarınıza görə Allahın adını yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin” ayəsi barədə demişdir: “Yəni and içməyini xeyir işlər görməyə maneə etmə! Əksinə, andın kəffarəsini ver və xeyir iş gör!” Məsruq, əş-Şabi, ən-Nəxai, Mucahid, Səid ibn Cubeyr və başqaları da belə demişlər. Əksər alimlərin dediyi bu rəyi əl-Buxari və Muslimin Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət etdikləri hədis gücləndirir. Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allaha and olsun ki, mən Allah istədikdə bir şeyə görə and içər, (sonra) başqa bir şeyin ondan daha xeyirli olduğunu görərəmsə, andımı pozaraq kəffarəsini verirəm və xeyirli olanı edirəm”. (əl-Buxari, 6186, 6680; Muslim, 3111, 4354). Həmçinin əl-Buxari və Muslimdə olan bir hədisdə Peyğəmbər ﷺ Abdur-Rahmən ibn Səmuraya belə demişdir: “Ey Abdur-Rəhman ibn Səmura, heç vaxt vəzifə istəmə! Çünki əgər sən öz istəyinlə vəzifəyə gəlsən, bunun öhdəçiliyi sənin boynuna düşəcək (və Allah sənə yardım etməyəcək). Yox, əgər sən vəzifəyə can atmadan buna nail olsan, onda bu işdə (Allah) sənə kömək edər. Habelə əgər sən and içdikdən sonra başqa bir işin ondan daha xeyirli olduğunu görsən, daha xeyirli olanı yerinə yetir və andını pozduğuna görə kəffarə ver”. (əl-Buxari, 6132, 6622, 7147; Muslim, 3120, 4370). Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim bir şeyə görə and içər, sonra başqa bir qərarın daha xeyirli olduğunu görərsə, andına görə kəffarə versin və daha xeyirli olanı yerinə yetirsin”. (Muslim, 3115, 4362). İmam Əhməd Amr ibn Şueybdən, o da atasından (Şueyb ibn Muhəmməddən), o da (Amrın) babasından (Abdullah ibn Amr ibn əl-Asdan) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim bir şeyə görə and içər, sonra başqa bir qərarın daha xeyirli olduğunu görərsə, xeyirli olmayanı tərk etməsi onun üçün kəffarədir”. (Əhməd, 6736, 6969; İbn Məcə, 2111. Hədis zəifdir. Bax: Daif əl-Cami, 5563). Əbu Davud bu hədisi belə rəvayət etmişdir: “Kim bir şeyə görə and içər, sonra başqa bir qərarın daha xeyirli olduğunu görərsə, qoy xeyirli olmayanı tərk etsin və xeyirli olanı götürsün. Xeyirli olmayanı tərk etməsi onun üçün kəffarədir”. (Əbu Davud, 3276. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1365). Sonra Əbu Davud demişdir: “Peyğəmbərdən ﷺ gələn hədislərin hamısında: “Qoy andına görə kəffarə versin” gəlmişdir və bu hədislər səhihdir”. (əl-Musnəd” (6736), Əbu Davud (3274), (Əhməd Şakir). İbn Cərir İbn Cubeyr, Səid ibn əl-Museyyib, Məsruq və əş-Şabinin belə dediyini rəvayət etmişdir: “Günah işə görə içilən and sayılmır və ona görə kəffarə vermək lazım deyil”.
Uca Allah buyurur: “Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz”, yəni qərəzsiz içdiyiniz anda görə Allah sizi cəzalandırmaz və belə andlara görə kəffarə verməyi sizə vacib etməz. Qərəzsiz içilən and dilin adət etdiyi, and içənin qəsd etmədən dediyi anddır. Necə ki əl-Buxari və Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ dediklərini belə rəvayət etmişlər: “Hər kim and içərkən: “Lata (Taifdə yerləşdirilmiş və Səqif qəbiləsinin ilahiləşdirdiyi ərəb bütpərəstlərinin ən məşhur bütlərindən biri. O, ağ qaya üzərində tikilmiş, örtüklə örtülmüş və ətrafına çəpər çəkilmiş və öz xidmətçiləri olan məbəd idi. əl-Muğira ibn Şöbə və Əbu Süfyan ibn Hərb (Allah ondan razı olsun) Muhəmməd Peyğəmbərin ﷺ əmri ilə bu bütü dağıdıb yandırdı. Sonralar bu yerdə məscid tikdilər) and olsun, Uzzaya (Bütpərəst ərəblərin ilahiləşdirdikləri və Məkkə ilə Taif arasında Nəhl adlanan yerdə yerləşdirilən ən məşhur bütlərindən biridir). and olsun!”– desə, qoy: “Lə iləhə illəllah!”– desin”. (əl-Buxari, 4482, 4860; Muslim, 5005, 7243). Peyğəmbər ﷺ bunu cahiliyyətdən yeni çıxan və qərəzsiz olaraq cahiliyyə dövründə dilləri Lata and içməyə adət etmiş müsəlmanlara demişdir. Onlara qərəzsiz olaraq işlətdikləri bu sözün əvəzinə ixlas kəlməsini (Lə iləhə illəllah) demək əmr olunmuşdur. Bu səbəbdən Uca Allah buyurur: “lakin O sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır”. Başqa bir ayədə buyurduğu kimi: “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır” (“əl-Maidə”, 89). Əbu Davud Ətanın “qərəzsiz and” barədə dediklərini belə rəvayət etmişdir: “Aişə (Allah ondan razı olsun) demişdir: “Həqiqətən, Peyğəmbər ﷺ demişdir: “Qərəzsiz and içmək bir kişinin evində adətən: “Vallahi, yox! Vallahi, belədir!” – deməsidir”. Sonra Əbu Davud bildirmişdir ki, bu hədis Aişədən (Allah ondan razı olsun) “movquf” (Aişənin sözü) olaraq da rəvayət edilmişdir.
İbn Cərir rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) Uca Allahın: “Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz” ayəsi barədə demişdir: “Bu bir nəfərin: “Vallahi, yox! Vallahi, belədir!” – deməsidir”. (Əbu Davud (3254), ət-Tabəri (4377), (Əhməd Şakir). Əbu Davud, 3254, 3256; əl-Beyhəqi “Sunənul-Kubra” 19721, 20429. Hədis səhihdir).  
Abdur-Razzəq rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) Uca Allahın: “Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz” ayəsi barədə demişdir: “Bu, bir məsələdə münaqişə edən bir toplumdur. Onlardan biri: “Allaha and olsun, yox! Allaha and olsun, belədir! Allaha and olsun, əsla!” – deyir. Onlar bunu münaqişə əsnasında deyirlər, qəsdən demirlər”. (Abdur-Razzəqin təfsir kitabı (səh. 27). İsnadı səhihdir. Həmçinin ət-Tabəri (4383). Abdur-Razzəqin yolu ilə rəvayət etmişdir (Əhməd Şakir). Abdur-Razzəq “Musannəf” 15952). İbn Əbu Hatim demişdir ki, Aişə (Allah ondan razı olsun) Uca Allahın: “Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz” ayəsini belə təfsir edirdi: “Bu sizlərdən birinizin bir şeyin yalnız doğru olduğunu sandığı üçün ona and içməsi, sonra isə onun and içdiyinin əksinin baş verməsidir”. (İbn Əbu Hatim, 2154). Sonra İbn Əbu Hatim buna oxşar rəvayəti Əbu Hureyradan, Süleyman ibn Yəsərdən, Səid ibn Cubeyrdən, Mucahiddən, əl-Həsəndən, Zurara ibn Əufadan, Məkhuldan, Tavusdan, Qatədədən və başqalarından nəql etmişdir.
Əbu Davud Səid ibn əl-Museyyibin belə dediyini rəvayət edir: “Ənsarlardan iki qardaşın arasında miras məsələsi vardı. Onlardan biri qardaşından mirası bölməsini istədi. Qardaşı isə dedi: “Əgər bir daha məndən mirası bölməyi istəsən, bütün malım Kəbənin qapısında olacaq (Allah üçün Kəbəyə verəcəyəm)”. Ömər ona dedi: “Kəbənin sənin malına ehtiyacı yoxdur, andının kəffarəsini ver və qardaşınla razılığa gəl. Çünki mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Rəbbə asi olmağa, qohumluq əlaqələrini kəsməyə və sahib olmadığın bir şeyə görə and içməyin və nəzir etməyin sayılmır”. (Əbu Davud (3272). əl-Munziri iddia etmişdir ki, İbn əl-Museyyib Ömərdən (Allah ondan razı olsun) hədis eşitməmişdir. Bu səbəbdən demişdir: “Hədisin isnadında ravilər arasında əlaqə kəsilib”. əl-Hafiz İbn əl-Qayyum onun bu sözünə münasibət bildirərək demişdir: “İmam Əhməd və digər hədis alimləri demişlər: “Səid ibn əl-Museyyibin Ömərdən hədis eşitməsinə dair bizdə dəlil var”. Əhməd demişdir: “Əgər Səidin Ömərdən rəvayətini qəbul etməsək, onda nəyi qəbul edək?! Səid Öməri görmüş və ondan hədis eşitmişdir”. Hədis səhihdir. İbn Hibban “Səhih” əsərində (6/487, “əl-İhsan” əlyazması) və əl-Hakim (4/300) rəvayət etmişlər. əl-Hakim demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi bununla razılaşmışdır (Əhməd Şakir). Əbu Davud, 3272, 3274. Hədisin isnadı zəifdir. Bax: Mişkətul-Məsabih, 3443).  
Uca Allah buyurur: “lakin O sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır”. İbn Abbas, Mucahid və başqaları (Allah onlardan razı olsun) bu ayə barədə demişlər: “Bu, bir kəsin yalan danışdığını bilə-bilə and içməsidir”. Mucahid və başqaları demişlər: “Bu ayə Uca Allahın: “O sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır” (“əl-Maidə”, 89) ayəsi kimidir”.
“Allah Bağışlayandır, Həlimdir”, yəni qullarını bağışlayır və onlara qarşı çox mülayimdir.
əl-Bəqərə, 226-227
لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ * وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
226. Qadınları ilə yaxınlıq etməməyə and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir.
227. Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!

 
Qadınla yaxınlıq etməməyə and içmək dedikdə bir kişinin arvadı ilə bir müddət cinsi əlaqədə olmamağa and içməsi nəzərdə tutulur. Bu müddət ya dörd aydan az ola bilər, ya da dörd aydan çox ola bilər. Əgər dörd aydan az müddətə and içibsə, bu müddətin bitməsini gözləyib, sonra arvadı ilə cinsi əlaqədə ola bilər. Bu müddət bitənə qədər qadın səbir etməlidir, onun bu müddət ərzində ərindən cinsi əlaqədə olmağı tələb etməyə haqqı yoxdur. əl-Buxari və Muslimin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiklərinə görə, Peyğəmbər ﷺ qadınları ilə bir ay əlaqədə olmamağa and içmişdi. İyirmi doqquzuncu gecə yetişdikdə Peyğəmbər ﷺ dedi: “Ay iyirmi doqquz gündür”. (əl-Buxari, 378, 4802, 5201). Həmçinin əl-Buxari və Muslim Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) buna oxşar bir hədis rəvayət etmişlər, lakin əgər kişi dörd aydan artıq müddətə arvadı ilə əlaqədə olmamağa and içərsə, bu zaman qadın dörd ay bitdikdən sonra kişidən ya fikrindən dönüb onunla əlaqədə olmağı, ya da onu boşamağı tələb edə bilər. Bu halda hakim qadın zərər çəkməsin deyə kişini ya buna (fikrindən dönməyə), ya da ona (boşanmaya) məcbur edir. Bu səbəbdən Uca Allah buyurur: “Qadınları ilə yaxınlıq etməməyə and içənlər üçün...”, yəni qadınları ilə yaxınlıq etməməyə and içən kişilər üçün. Həmçinin bu ayə dəlalət edir ki, yaxınlıq etməməyə and içmək yalnız kişinin arvadlarına aiddir, kölə qadınlara aid deyil. Bu, əksər alimlərin rəyidir. Sonra Uca Allah buyurur: “gözləmə müddəti dörd aydır”, yəni yaxınlıq etməməyə and içən kişi and içdiyi vaxtdan başlayaraq dörd ay gözləməlidir. Sonra ondan ya fikrindən dönmək, ya da arvadını boşamaq tələb olunur. Bu səbəbdən Uca Allah buyurur: “Əgər onlar fikirlərindən dönsələr”, yəni əvvəlki kimi ər-arvad münasibətlərinə dönsələr. Bu ifadə cinsi əlaqəyə işarədir. Bunu İbn Abbas (Allah ondan razı olsun) və digərləri demişlər. İbn Cərir də belə demişdir. “Əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir”, yəni bundan əvvəl kişilərin and içməklə qadınların hüquqlarını məhdudlaşdırmanı bağışlayar.
Uca Allahın: “Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir” ayəsində alimlərin iki rəyindən birinə dəlil var. Həmçinin bu rəy əş-Şafiinin qədim rəyidir. Bu rəyə görə, arvadı ilə cinsi əlaqədə olmamağa and içən kişi dörd ay tamamlandıqdan sonra andından dönsə, ona andını pozduğuna görə kəffarə vermək lazım deyil. Əvvəlki ayədə keçən, Amr ibn Şueybin Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədis – “Kim bir şeyə görə and içər, sonra başqa bir qərarın daha xeyirli olduğunu görərsə, xeyirli olmayanı tərk etməsi onun üçün kəffarədir” (Əbu Davud, 3276. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1365). – bu rəyi daha da gücləndirir. Hədisi Əhməd, Əbu Davud və ət-Tirmizi rəvayət etmişlər.
Əksər alimlərin rəyi budur ki, ümumi olaraq and içənə andını pozduğuna görə kəffarə vermək vacib olduğuna görə bu məsələdə də kişiyə kəffarə vermək vacibdir. Həmçinin bu rəy əş-Şafii  məzhəbinin yeni rəyidir. Necə ki bu xüsus daha əvvəl səhih hədislərdə keçdi. Ən doğrusunu Allah bilir.
Fiqh və digər alimlər zövcəsi ilə cinsi əlaqədə olmamağa and içən kişinin dörd ay gözlədilməsi mövzusunda İmam Malik ibn Ənəsin “əl-Muvatta” adlı əsərində Abdullah ibn Dinardan rəvayət etdiyi bu hadisəni qeyd edirlər: “Ömər ibn əl-Xattab bir gecə küçəyə çıxmışdı və bir qadının belə dediyini eşitdi:
 
Bu gecə uzandı, hər tərəf qaraldı, məni kövrəltdi, əylənməyə bir kəsim yoxdur.
Allaha and olsun ki, əgər Ondan qorxmasaydım, bu çarpayıdan ətraf titrəyərdi.
 
Bunu eşidən Ömər qızı Həfsadan soruşdu: “Qadın ərinin yoxluğuna ən çox nə qədər səbir edə bilər?” Həfsa: “Altı ay və ya dörd ay”, – deyə cavab verdi. Ömər dedi: “Elə isə heç bir əsgəri bu müddətdən artıq cəbhədə saxlamaram”. (əl-Beyhəqi “Sunənul-Kubra” 18307; Səid ibn Mənsur, 2463). Bu, məşhur hadisələrdən biridir və bir çox yollarla rəvayət edilir.
Uca Allah buyurur: “Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!” Bu ayə dəlildir ki, sadəcə, dörd ayın keçməsi ilə boşanma baş vermir. Necə ki əksər alimlər bunu demişlər. Digər alimlər isə dörd ayın keçməsi ilə (üç) boşanmadan birinin baş verdiyini demişlər. Bu rəy səhih sənədlərlə Ömərdən, Osmandan, Əlidən, İbn Məsuddan, İbn Abbasdan, İbn Ömərdən və Zeyd ibn Sabitdən (Allah onlardan razı olsun) rəvayət edilmişdir. İbn Sirin, Məsruq, əl-Qasim, Səlim və digərləri də belə demişlər. Bəziləri isə dörd ayın keçməsi ilə qadının raci talaq (ər-Raci الرَّجْعِي sözü ərəb dilində [Racəə] “qayıtmaq” feilindən götürülmüşdür. Raci talaq isə kişinin öz zövcəsini birinci və ikinci dəfə boşamasıdır. Bu talağın raci adlanmasına səbəb də kişinin öz arvadını birinci və ikinci talaqdan sonra qaytarmaq hüququna malik olmasıdır) ilə boşanmış olduğunu demişlər. Bu rəy Səid ibn Museyyib, Əbu Bəkr ibn Abdur-Rahmən ibn əl-Həris ibn Hişam, Məkhul, Rabiə və başqalarının fikridir. Bəziləri isə dörd ayın keçməsi ilə qadının bəin (الْبَائِنُ Bə:in sözü ərəb dilində [bənə] “ayrılmaq” feilindən götürülmüş feili sifətdir. Bəin talaq kişinin öz arvadını üçüncü dəfə boşamasıdır. Bu talaqdan sonra kişi arvadından tam ayrılır və onu qaytarmaq hüququna malik olmur. Yalnız əgər qadın başqa bir kişiyə ərə gedib, sonra şəri qaydada ondan boşanmış olsa, bu halda kişi o qadını yeni nikah şərtləri ilə ala bilər) (birdəfəlik) talaq ilə boşanmış olduğunu demişdir. Əksər alimlərin fikirinə görə isə dörd aydan sonra kişidən ya fikrindən dönüb arvadı ilə münasibətdə olması, ya da boşaması tələb olunur. Sadəcə, dörd ayın keçməsi ilə qadın boşanmış sayılmır. İmam Malik Nafidən, rəvayət etmişdir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Əgər bir kişi arvadı ilə cinsi əlaqədə olmamağa and içərsə, dörd ay keçmiş olsa belə, qadın boşanmış sayılmır. Ərdən ya arvadını boşaması, ya da fikrindən daşınıb onunla münasibətdə olması tələb olunur”. (Malik “Muvatta” 1162, 1600; əş-Şafii “Musnəd” 144, 1224, 1243). Hədisi əl-Buxari rəvayət etmişdir. əş-Şafii Süleyman ibn Yəsərin belə dediyini rəvayət edir: “Mən iyirmidən çox səhabəni görmüşəm. Onların hamısı arvadı ilə yaxınlıq etməməyə and içən kişini (dörd aydan sonra) dayandırıb, fikrindən dönməsi ilə qadını boşaması arasında seçim etməyi tələb edirdilər”. (əd-Dəraqutni “Sunən” 4040, 4085; əl-Beyhəqi “Sunənul-Kubra” 15602. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2086).
İbn Cərir Suheyl ibn Əbu Salehdən, onun da atasından belə dediyini rəvayət etmişdir: “On iki nəfər səhabədən arvadı ilə yaxınlıq etməməyə and içən kişinin halı barədə soruşdum. Onların hamısı: “Dörd ay keçənə qədər ona bir şey yoxdur. Bu müddət bitdikdən sonra dayandırılır. Ya fikrindən dönüb andını pozur, ya da zövcəsini boşayır”. (ət-Tabəri, 4642, 4671). Hədisi əd-Dəraqutni də rəvayət etmişdir. Bu rəy Malik, əş-Şafii və Əhməd ibn Hənbəlin və onların məzhəbi ilə gedənlərin rəyidir. İbn Cərir də bu rəyi seçmişdir. Bu həmçinin əl-Leys, İshaq ibn Rahaveyh, Əbu Ubeyd, Əbu Səur və Davudun dediyidir.
əl-Bəqərə, 228
وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
228. Boşanmış qadınlar üç adət müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.

 
Uca Allah bu ayə ilə evləndikdən sonra əri ilə yaxınlıq etmiş heyz olan qadınlara boşandıqdan sonra üç heyz müddəti gözləməyi əmr edir. Yəni əri onu boşadıqdan sonra qadın üç heyz müddəti gözləməlidir, sonra istəsə, ərə gedə bilər. (Muhəmməd Əmin əş-Şinqiti demişdir: “Bu ayə zahirən bütün boşanmış qadınlara aid edilsə də, Uca Allah digər ayələrdə bəzi boşanmış qadınları bu hökmdən istisna etmişdir:
-              “Hamilə qadınların gözləmə müddəti onlar hamiləlikdən azad olana qədərdir” (“ət-Talaq”, 4).
-              Nikah bağlandıqdan sonra cinsi əlaqəyə girməzdən əvvəl boşanmış qadın iddə gözləməyib başqasına ərə gedə bilər; “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Belə olduğu təqdirdə, onlara talaq haqlarını verin və gözəl tərzdə sərbəst buraxın” (“əl-Əhzab”, 49).
-              “Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır” (“ət-Talaq”, 4). Dörd məzhəb imamları kölə qadınları bu ayənin ümumi mənasından istisna etmişlər. Onlara görə, kölə qadınlar boşandıqda iki heyz müddəti gözləyirlər. Çünki kölə qadınların hökmü azad bir qadının hökmünün yarısıdır. (Uca Allahın bu ayəsinə əsasən: “Əgər ərə getdikdən sonra zina etsələr, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər” (“ən-Nisa”, 25). Heyz müddəti isə bölünə bilmədiyi üçün bir yarım heyz müddəti deyil, iki heyz müddəti gözləyirlər. Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) da belə rəvayət edilmişdir. Alimlər bu məsələdə səhabələr arasında fikir ayrılığının olmadığını söyləmişlər. Bəzi sələf alimləri isə demişlər: “Ayənin ümumi mənasına görə kölə qadının gözləmə müddəti azad qadının gözləmə müddəti ilə eynidir, çünki bu, insanın təbiəti ilə əlaqəli bir məsələdir. Buna görə bu məsələdə azad qadınlarla kölə qadınlar eyni götürülməlidir”. Bu rəyi Şeyx Əbu Ömər ibn Abdul-Bərr Muhəmməd ibn Sirindən və bəzi Zahirilərdən rəvayət etmiş və zəif saymışdır. Sələf (əvvəlki) və xələf (onlardan sonra gələn) alimlər ayədə keçən الْقُرْءُ  [əl-qur] “adət” sözü ilə nəyin nəzərdə tutulduğu barədə fikir ayrılığına düşmüşlər. Bu məsələdə iki rəy var:
Birinci rəy: Ayədə “üç adət müddəti” dedikdə üç dəfə heyzdən təmizlənmə nəzərdə tutulur. İmam Malik “əl-Muvatta” əsərində İbn Şihabdan, o da Urvadan Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Həfsa bint Abdur-Rahmən ibn Əbu Bəkr üçüncü heyz qanını gördükdə başqa kişiyə ərə getmişdi”. [əz-Zuhri demişdir] (Bu əlavə əl-Əzhəriyyə əlyazmasından edilmişdir. “əl-Muvatta” əsərində (səh. 577, 576) “İbn Şihab demişdir” yazılıb. İbn Şihab isə əz-Zuhridir. (Əhməd Şakir): “Mən bunu Umra bint Abdur-Rahmənə söylədim. O dedi: “Urva doğru deyir. Bu məsələdə insanlar Aişə ilə mübahisə edərək dedilər: “Uca Allah Kitabında: “üç adət müddəti” buyurur”. Aişə dedi: “Doğru söyləyirsiniz, lakin “adət müddəti” dedikdə bilirsinizmi nə nəzərdə tutulur? Heyzdən təmizlənmə nəzərdə tutulur”. (Malik “Muvatta” 602, 1197, 1684; əş-Şafii “Musnəd” 197, 1433; əl-Beyhəqi “Sunənul-Kubra” 15159, 15779). İmam Malik İbn Şihabın belə dediyini rəvayət etmişdir: “Mən Əbu Bəkr ibn Abdur-Rahmənin belə dediyini eşitdim: “Fəqihlərdən rast gəldiklərimin hamısı bu sözü, yəni Aişənin sözünü söyləyirdi”. (Malik “Muvatta” 603, 1198, 1685; əş-Şafii “Musnəd” 198, 1434; əl-Beyhəqi “Sunənul-Kubra” 15160, 15780). İmam Malik Nafidən Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bir kişi zövcəsini boşayarsa, qadın üçüncü heyz qanını gördükdə artıq ərindən, əri də ondan ayrılmış olur”. İmam Malik demişdir: “Bizim görüşümüz də budur”. (Malik “Muvatta” 603, 1201, 1693; əş-Şafii “Musnəd” 196, 1436; əl-Beyhəqi “Sunənul-Kubra” 15164, 15785). Həmçinin bu rəy İbn Abbas, Zeyd ibn Sabit, Səlim, əl-Qasim, Urva, Əbu Bəkr ibn Abdur-Rahmən, Qatədə, əz-Zuhri, yerdə qalan digər yeddi fiqh alim və başqalarından nəql edilir. Malik, əş-Şafii, Davud, Əbu Səur və başqalarının rəyi də belədir. Bu rəy İmam Əhməddən də rəvayət edilmişdir.
İkinci rəy: Ayədəki “adət müddəti” dedikdə üç dəfə heyz olması nəzərdə tutulur. Yəni boşanmış qadının gözləmə müddəti üçüncü heyzdən təmizlənməyənə qədər başa çatmış sayılmır. Bəziləri buna heyz qüslunu da əlavə edərək bildirmişlər ki, qadın heyzdən təmizləndikdən sonra heyz qüslu etməyənə qədər gözləmə müddəti başa çatmış sayılmır. əs-Sovri Mənsurdan, o da İbrahimdən, o da Alqamədən belə rəvayət etmişdir: “Biz Ömər ibn əl-Xattabın yanında idik. Onun yanına bir qadın gəldi və dedi: “Ərim məni bir dəfə və ya iki dəfə boşayıb. Mən üçüncü heyz bitdikdən sonra qüsl etmək üçün paltarımı soyunub qapını bağlamışdım ki, o gəldi (məni qaytardığını bildirdi)”. Ömər Abdullah ibn Məsuda: “Nə deyirsən? Mənə görə qadın onun arvadı sayılır. O qadına namaz qılmaq halal olmadıqca kişinin arvadı olduğu qənaətindəyəm”. Abdullah ibn Məsud: “Mən də bu fikirdəyəm”, – dedi”. (İbn Əbu Hatim, 2188). Əbu Bəkr əs-Siddiq, Ömər, Osman, Əli, Əbu əd-Dərdə, Ubadə ibn əs-Samit, Ənəs ibn Malik, İbn Məsud, Muaz, Ubey ibn Kəb, Əbu Musa əl-Əşari, İbn Abbas, Səid ibn əl-Museyyib, Alqamə, əl-Əsvəd, İbrahim, Mucahid, Əta, Tavus, Səid ibn Cubeyr, İkrimə, Muhəmməd ibn Sirin, əl-Həsən, Qatədə, əş-Şabi və başqalarından (Allah onlardan razı olsun) da rəvayət edilir ki, onlar ayədəki “üç adət müddəti” sözünü üç dəfə heyz olma mənasında açıqlamışlar. Bu rəy Əbu Hənifə və yoldaşlarının məzhəbidir. İmam Əhməd ibn Hənbəldən gələn iki rəvayətdən səhih olanı da budur. əl-Əsramın belə dediyi rəvayət edilir: “Peyğəmbərin ﷺ böyük səhabələri bu ayədəلْقُرْءُ  [əl-qur] “adət” sözü ilə heyzin nəzərdə tutulduğunu demişlər”. Bu, əs-Sovri, əl-Əvzai, İbn Əbu Leyla, İbn Şubrumə, əl-Həsən ibn Saleh ibn Həyy, Əbu Ubeyd və İshaq ibn Rahaveyhin məzhəbidir. Bu rəyi Əbu Davud və ən-Nəsəinin əl-Munzir ibn əl-Muğirə vasitəsilə Urva ibn əz-Zubeyrdən, o da Fatimə bint Əbu Hubeyşdən rəvayət etdikləri bu hədis qüvvətləndirir. Fatimə bint Əbu Hubeyş (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ ona: “Heyz olduğun günlərin sayı qədər namazı saxla” (Peyğəmərin ﷺ Fatimə bint Hubeyşə belə deməsinə səbəb bu olmuşdur ki, Fatimə istihazə olmuşdu. İstihazə – heyz bitdikdən sonra uşaqlıqdan gələn qandır və bu qan bəzən heyz qanından seçilmir. O, Peyğəmbərdən ﷺ bu halda nə edəcəyini soruşduqda Peyğəmbər ﷺ ona belə demişdir: “Bu, damardan gələn qandır. Heyz olduğun günlərin sayı qədər namazı saxla! O günlər keçdikdə yuyun və iki adət halı arası namaz qıl!” Əbu Davud (282, 285), ən-Nəsəi (212). əd-Dəraqutni “Sunən”, 822, 834; əl-Beyhəqi “Sunənus-Suğra” 2162, 2772. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 195), – demiş və ifadəsindəالْقُرْءُ  [əl-qur] “adət” sözünü işlətmişdir. Əgər bu hədis səhihdirsə, o zamanالْقُرْءُ  [əl-qur] “adət” sözünün heyz mənasında olmasına açıq-aydın dəlildir. Lakin Əbu Hatim hədisin sənədində adı keçən əl-Munzir barədə demişdir: “Məchul ravidir, tanınmır”. İbn Hibban onu “əs-Siqat” (etibarlı ravilər) əsərində qeyd etmişdir. (Əbu Hatim əl-Munzir ibn əl-Muğira barədə belə demişdir. Oğlu da ondan “əl-Cərh vət-Tadil” kitabında nəql etmişdir (4/1/242). Lakin İbn Kəsirin dediyi kimi, İbn Hibban onu “əs-Siqat” (etibarlı ravilər) əsərində qeyd etmişdir. Bundan əlavə, əl-Buxari “əl-Kəbir” əsərində onun tərcümeyi-halını qeyd etmişdir (4/1357) və barəsində pis heç bir şey qeyd etməmişdir. əl-Buxariyə görə, o, tanınmış və etibarlı ravidir. Bu isə onun rəvayətinin qəbul olunması üçün yetərlidir. (Əhməd Şakir).
İbn Cərir demişdir: الْقُرْءُ  [əl-qur] “adət” sözünün əsli ərəb dilində müəyyən bir vaxtda gəlməyə adət edən bir şeyin gəlmə vaxtı və ya müəyyən bir vaxtda getməyə adət edən bir şeyin getmə vaxtına deyilir. Bu səbəbdən, الْقُرْءُ  [əl-qur] sözü həm heyz, həm də heyzdən təmizlənmə arasında müştərək bir sözdür. Bəzi üsul-fiqh alimləri bu fikirdədirlər. Ən yaxşısını Allah bilir. əl-Əsməi də belə demişdir ki, الْقُرْءُ  [əl-qur] dedikdə vaxt nəzərdə tutulur. Əbu Amr ibn əl-Alə demişdir: “Ərəblər heyzi də, heyzdən təmizlənməni də الْقُرْءُ  [əl-qur] “adət” adlandırırlar. Hər ikisini – həm heyzi, həm də heyzdən təmizlənməni الْقُرْءُ  [əl-qur] adlandırırlar”. əş-Şeyx Əbu Ömər ibn Abdul-Bərr demişdir: “Ərəb dilçiləri və fiqh alimləri arasında الْقُرْءُ  [əl-qur] sözü ilə həm heyz, həm də heyzdən təmizlənmə mənasının nəzərdə tutulması məsələsində fikir ayrılığı yoxdur. Lakin onlar bu ayədə iki mənadan hansının nəzərdə tutulması məsələsində fikir ayrılığına düşmüşlər”.
Uca Allah buyurur: “Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz”, yəni hamilə və ya heyz olduqlarını gizlətməməlidirlər. İbn Abbas, Abdullah ibn Ömər, Mucahid və başqaları (Allah onlardan razı olsun) belə təfsir etmişlər. Uca Allahın: “Əgər Allaha və Axirət gününə iman gətirirlərsə”, sözü həqiqəti gizlədib, həqiqətə uyğun olmayan məlumatı deyən qadınlara təhdiddir. Ayə dəlalət edir ki, bu məsələdə qadınlara müraciət olunmalıdır, çünki bu məsələ ancaq onlar tərəfindən (onların ifadələri ilə) bilinir. Ümumiyyətlə, bu məsələdə hər hansı bir dəlil gətirmək mümkün deyil. Bu səbəbdən qadınlara müraciət olunur və onların dedikləri əsas götürülür. Buna görə də Uca Allah onları ərə getməyə tələsərək gözləmə müddətinin tez bitməsini istədikləri üçün və ya vaxtı uzatmaq kimi digər məqsədlərlə yalan danışmamaları üçün hədələmişdir. Bu ayədə qadına nə artırmadan, nə də əskiltmədən həqiqəti demək əmr olunmuşdur.
Uca Allah buyurur: “Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar”, yəni əgər qadının iddəsi (gözləmə müddəti) bitməmişsə və qadını boşayan ərin niyyəti islah etmək və barışmaq olarsa, bu zaman ərləri onları qaytarmağa daha layiqdirlər. Bu hökm raci (qaytarmaq imkanı olan) boşanmalara  aiddir. Bəin (qaytarmaq imkanı olmayan) boşanmalara gəlincə isə, bu ayə nazil olan vaxt bəin boşanmalar hələ yox idi. Bəin boşanma kişinin arvadını üç dəfə boşamaq hüququna malik olması hökmü veriləndən sonra oldu. Bu ayə nazil olan ərəfələrdə isə kişi arvadını yüz dəfə boşamış olsa belə, onu qaytarmaq hüququna malik idi. Bu ayədən sonrakı ayədə boşama sayı məhdudlaşdırılaraq üç dəfəyə endirildikdən sonra boşanmış qadınların iki növü oldu: bəin (qaytarma imkanı olmayan) və raci (qaytarma imkanı olan) boşanmış qadınlar. Buna diqqət etsən, bəzi üsul-fiqh alimlərinin əvvəlki sözə aid olan şəxs əvəzliyinin, aid olduğu ümumi mənalı sözü xüsusiləşdirib-xüsusiləşdirməməsi məsələsində bu ayəni şahid gətirmələrinin zəif olması sənə aydın olar. Çünki bu ayə qeyd etdikləri məsələyə uyğun deyil. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır”, yəni kişilərin qadınlar üzərində haqqı olduğu kimi, qadınların da kişilər üzərində haqqı var. Onların hər biri üzərində olan haqqı gözəl şəkildə qarşı tərəfə ödəməlidir. Muslimin “Səhih” əsərində Cabirdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbərin ﷺ vida həcci xütbəsində dediyi kimi: “Qadınlara görə Allahdan qorxun, siz onları Allahın sizə əmanəti olaraq aldınız və onları özünüzə Allahın kəlməsi ilə halal etdiniz. Lakin sizin istəmədiyiniz adamları evinizə buraxmamaları sizin onlar üzərində olan haqqınızdır. Bunu etsələr, onlara zərər verməmək şərti ilə döyün. Onların sizin üzərinizdəki haqqı isə onları gözəl şəkildə yedirməniz və geyindirmənizdir”. (Muslim, 2137, 3009). Muaviyə ibn Heydə əl-Quşeyrinin (Allah ondan razı olsun) hədisində rəvayət edilir ki, bir dəfə o, Peyğəmbərdən ﷺ soruşmuşdur: “Ey Allahın Elçisi, zövcələrimizin bizim üzərimizdə olan haqları nədir?” Peyğəmbər ﷺ demişdir: “Yediyindən ona da yedirtməli, geyindiyindən ona da geyindirməli, döymək həddinə çatdırsa, üzünə vurmamalı, təhqir etməməli və evdən başqa yerdə yatağını ayırmamalısan”. (Əbu Davud, 2144; əl-Hakim, 2764; ət-Tabərani “Mucəmul-Kəbir” 16383. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1929). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qadının mənim üçün bəzənməyi xoşladığı kimi, mən də qadın üçün bəzənməyi xoşlayıram. Çünki Uca Allah buyurur: “Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır”. (əl-Beyhəqi “Sunənul-Kubra” 14505, 15125; İbn Əbu Şeybə “Musannəf” 19608). Bu hədisi ibn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. (ət-Tabəri (4768). İsnadı səhihdir). Uca Allah buyurur: “Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür”, yəni yaradılışda, əxlaqda, dərəcədə, əmrə itaətdə, kişinin öz malından xərcləməsində, ailəsinin ehtiyaclarını ödəməsində, həm dünya, həm də Axirət üstünlüyündə kişilər qadınlardan bir dərəcə üstünlüyə sahibdirlər. Necə ki Uca Allah buyurur: “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər” (“ən-Nisa”, 34).
Uca Allah buyurur: “Allah Qüdrətlidir, Müdrikdir”. Əmrinə qarşı çıxan və Ona asi olanlardan intiqam almaqda Qüdrətlidir. Əmrlərində, şəriətində və təqdir etməkdə hikmət sahibidir.
əl-Bəqərə, 229-230
الطَّلَاقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ * فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّى تَنْكِحَ زَوْجًا غَيْرَهُ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ
229. Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.
230. Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir.

 
Bu ayə İslamın əvvəlində bir kişinin zövcəsini yüz dəfə boşamış olsa belə, əgər qadın gözləmə müddətindədirsə, onu qaytarmaq hüququna malik olması hökmünü aradan qaldırır. Bu şeydə qadınlara zərər olduğu üçün Uca Allah bu ayə ilə boşanmanın sayını məhdudlaşdıraraq üç dəfə etdi və yalnız bir və ikinci boşanmalarda ərin zövcəsini qaytarmasına icazə verdi. Üçüncü boşanmadan sonra isə qadını ərindən təmamilə ayıraraq buyurdu: “Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir”.
Əbu Davud rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Boşanmış qadınlar üç adət müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir” ayəsi barədə demişdir: “Bir kişi arvadını, üç dəfə boşamış olsa belə, onu təkrar qaytarmağa daha haqlı idi. Sonra Uca Allah: “Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” buyuraraq əvvəlki ayənin hökmünü qaldırdı”. (Əbu Davud, 2197; ən-Nəsəi “Sunən” 3554. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2080). Bu hədisi ən-Nəsəi rəvayət etmişdir.
Abd ibn Humeyd, ət-Tabəri və İbn Əbu Hatim Hişamdan, onun da atasından belə dediyini rəvayət etmişlər: “Bir kişi zövcəsini istədiyi qədər boşasa belə, qadın gözləmə müddətində olduğu təqdirdə onu qaytarmağa haqlı idi. Bir dəfə ənsarlardan olan bir kişi arvadına qəzəbləndi və dedi: “Səni nə boşayacam, nə də arvad kimi saxlayacam”. Qadın dedi: “Bu necə olur?” Kişi: “Səni boşayacam, gözləmə müddətin bitənə yaxın qaytaracam. Sonra yenə boşayacam, gözləmə müddətin bitənə yaxın təkrar qaytaracam”, – dedi. Qadın bunu Peyğəmbərə ﷺ xəbər verdi. Uca Allah da “Boşanma iki dəfə olar. ...” ayəsini nazil etdi. Beləcə insanlar bu ayə nazil olandan sonra boşanmanı yenidən hesablamağa başladılar. İstər əvvəl boşamış olsun, istər boşamamış olsun”. (ət-Tabəri, 4779, 4807; əl-Beyhəqi “Sunənul-Kubra” 15337, 15968. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2080). Buna oxşar bir hədisi İbn Mərdəveyh Hişamdan, o da atasından, o da Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir. ət-Tirmizi bu hədisi Peyğəmbərə ﷺ çatan bir sənədlə rəvayət etmişdir. Sonra eyni hədisi “mursəl” (Peyğəmbərlə - ona Allahın salavatı və salamı olsun - tabiin arasında olan ravini buraxaraq) rəvayət etmiş və “bu daha səhihdir”, – demişdir. əl-Hakim bu hədisi Peyğəmbərə ﷺ çatan bir sənədlə rəvayət etmiş və demişdir: “İsnadı səhihdir”. (Hişam ibn Urvanın atasından etdiyi rəvayət mursəldir. Bu rəvayət ət-Tabəridə iki isnadla mursəl olaraq rəvayət edilmişdir (4779, 4780). Sənədi Peyğəmbərə ﷺ kimi uzanan rəvayət ət-Tirmizi (2/219), əl-Mustədrək (2/279-280) və əl-Beyhəqidədir (7/333). Hədisin Peyğəmbərə ﷺ kimi uzanan rəvayətinin səhih olduğunu ət-Tabəridə bildirmişik. (Əhməd Şakir).
Uca Allah buyurur: “Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir”, yəni əgər kişi arvadını bir və ya iki dəfə boşayarsa, qadının iddəsi (gözləmə müddəti) bitməmiş, kişi iki şeydən birini seçə bilər: ya barışaraq qadına yaxşılıq etmək niyyəti ilə qaytara bilər, ya da hüquqlarını tapdalamadan, qadına zərər vermədən iddəsinin (gözləmə müddətinin) bitməsini gözləyib, bəin talaqı ilə (birdəfəlik) boşaya bilər.
Uca Allah buyurur: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz”, yəni qadınlarınıza evlənərkən verdiyiniz mehrin (Mehr – kişinin nikah bağlayarkən qadına verdiyi mal və ya puldur) hamısını və ya bir qisimini sizə geri qaytarmaları üçün onları çətinliyə salmaq və sıxışdırmaq sizə halal deyil. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” (“ən-Nisa”, 19). Lakin əgər qadın öz istəyi və könül xoşluğu ilə ərinə bir şey verərsə, Uca Allah bu barədə belə buyurur: “Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin” (“ən-Nisa”, 4). Əgər ər-arvad bir-biri ilə yola getməzlərsə və qadın ərinin haqlarını yerinə yetirməzsə, ərini qəzəbləndirib onunla birlikdə yaşamağa tab gətirməzsə, bu halda qadının (ərindən boşanmaq üçün) fidyə verib talağını tələb etməsində, kişinin də talaq müqabilində bunu qəbul etməsində bir qəbahət yoxdur. Bu səbəbdən Uca Allah buyurur: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır”.
Qadının hər hansı bir ciddi səbəb olmadan, fidyə verərək ərindən ayrılmaq istəməsi halına gəlincə, İmam Əhməd Sovbandan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ bu barədə belə dediyini rəvayət etmişdir: “Lazımsız yerə ərindən boşanma tələb edən qadına Cənnət qoxusu haram olar”. (Əbu Davud, 2226, 2228; ət-Tirmizi, 1187, 1225; İbn Məcə, 2055. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2706). Əbu Davud, İbn Məcə və İbn Cərir də belə rəvayət etmişlər. (“əl-Musnəd” (5/283, Hələb nəşri), Əbu Davud (2226), İbn Məcə (2055), ət-Tabəri (4844), əl-Hakim (2/200), əl-Beyhəqi (7/316). Hədisi əl-Hakim və əz-Zəhəbi səhih görmüşlər. “Fəthul-Bari”də (9/354) qeyd olunur ki, hədisi həmçinin İbn Xuzeymə və İbn Hibban səhih görmüşlər. (Əhməd Şakir). İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Ərindən ciddi səbəb olmadan talaq (boşanma) tələb edən qadınlar, məhz onlar (əməllərində) münafiqlərdir”. (“əl-Musnəd” (9347). Hədis səhihdir. Bu hədisin səhih olduğunu “əl-Musnəd” əsərində başqa bir hədisi şərh edərkən bildirmişik (7138), (12/114–116), (Əhməd Şakir). Əhməd, 9347; ət-Tirmizi, 1186, 1224; ət-Tabərani “Mucəmul-Kəbir” 14347. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 632).
Sonra sələf alimlərin bir çoxu və xələf imamlar belə demişlər: “Xulu (qadının malından bir şey verməklə ərindən boşanma tələb etməsi) yalnız qadın yola getmədiyi halda icazəlidir. Məhz bu halda kişi qadın tərəfindən verilən fidyəni qəbul edə bilər. Bunu deyənlər dəlil olaraq Uca Allahın “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır” ayəsini gətirmişlər və demişlər: “Xulu yalnız bu halda şəriətə uyğun sayılır, bundan başqa hallarda dəlil olmadan icazəli deyil. Çünki bu növ boşanmanın əsli icazəli deyil, yalnız dəlillə sübut olunan hallar istisnadır. İbn Abbas, Tavus, İbrahim, Əta, əl-Həsən və əksər alimlər bu fikirdə olmuşlar. Hətta İmam Malik və əl-Əvzai “Əgər kişi qadını sıxışdıraraq ondan bir şey almışsa, aldığı şeyi qadına geri qaytarması vacibdir və bu halda verilən talaq da raci (qaytarmaq hüququna malik olan) olur” – demişlər. İmam Malik demişdir: “Mənim gördüyüm alimlər belə edərdilər”. İmam əş-Şafii isə demişdir ki, xulu (qadının malından bir şey verməklə ərindən boşanma tələb etməsi) həm ər-arvad arasında münaqişə olduğu təqdirdə, həm də münaqişə olmadan, öz aralarında razılaşma yolu ilə baş verə bilər. Razılaşma yolu ilə icazəli olması daha uyğun və daha münasibdir. əş-Şafii məzhəbinin bütün davamçılarının rəyi budur. İbn Cərir qeyd etmişdir ki, bu ayə Sabit ibn Qeys ibn Şəmməs və zövcəsi Həbibə bint Abdullah ibn Ubeyy ibn Səlul (İbn Kəsir burada belə demişdir. Təəssüf ki, bu səhvdir, çünki hədisin rəvayətlərində “Həbibə bint Səhl əl-Ənsari” və “Cəmilə bint Abdullah ibn Ubey ibn Səlul” gəlmişdir. Növbəti hədisdə aydın olacaq. (Əhməd Şakir). barədə nazil olmuşdur. İndi isə bu hədisin rəvayət olunma yollarını və bu yollar arasında müxtəlifliyi qeyd edək.
İmam Malik “əl-Muvatta” adlı əsərində rəvayət etmişdir ki, Həbibə bint Səhl əl-Ənsari Sabit ibn Qeys ibn Şəmməs ilə evli olur. Peyğəmbər ﷺ (bir gün) Sübh namazına çıxdıqda Həbibə bint Səhli ala-qaranlıqda onun qapısının yanında durduğunu gördü və soruşdu: “Bu kimdir?” Həbibə: “Mənəm, Həbibə bint Səhl”, – deyə cavab verdi. Peyğəmbər ﷺ: “Nə baş verib?” – dedi. Həbibə: “(Özünü və ərini nəzərdə tutaraq) Nə mən, nə də Sabit İbn Qeys (yola getmirik)”, – dedi. Sabit ibn Qeys gəldikdə Peyğəmbər ﷺ ona dedi: “Bu Həbibə bint Səhldir. O mənə nə baş verdiyini danışdı”. Həbibə dedi: “Ey Allahın Elçisi, onun mənə (mehr olaraq) verdiyi hər şey yanımdadır”. Peyğəmbər ﷺ Sabitə: “Ondan istədiyini götür!” – dedi. Sabit Həbibəyə mehr olaraq verdiyi malın bir hissəsini götürdü və Həbibə ondan ayrılaraq ailəsinin yanına getdi”. (Əhməd, 27484; Malik, 1187, 1639; Əbu Davud, 2227; ən-Nəsəi “Sunən” 3408, 3462. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2036). Hədisi İmam Əhməd, Əbu Davud və ən-Nəsəi Malikin isnadı ilə rəvayət etmişlər. (əl-Muvatta (səh. 546), “əl-Musnəd” (6/433, 434, Hələb nəşri). Həmçinin ət-Tabəri də Malikin isnadı ilə rəvayət etmişdir (4809). Hədisin təxrici barədə orada danışmışıq. (Əhməd Şakir). əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Sabit ibn Qeysin zövcəsi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Sabit ibn Qeysin nə əxlaqına, nə də dindarlığına heç bir etirazım yoxdur, sadəcə olaraq, (o mənim ürəyimə yatmır və mən) istəmirəm ki, müsəlman olduğum halda küfr edəm (Qadın qorxurdu ki, beləcə istəməyə-istəməyə onunla yaşamağa davam etsə, bu onu küfrə gətirib çıxaracaq)”. Peyğəmbər ﷺ soruşdu: “Onun (mehr olaraq) verdiyi bağı özünə qaytararsanmı?” Qadın: “Bəli!”– deyə cavab verdi. Onda Peyğəmbər ﷺ (Sabitə) dedi: “Bağı götür və onun birinci talağını ver!” (əl-Buxari, 4869, 5276). ən-Nəsəi də bu hədisi rəvayət etmişdir. əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) hədisi bu şəkildə rəvayət etmişdir. Hədisin bəzi rəvayətlərində Həbibə demişdir: “Ona tab gətirə bilmirəm”, yəni buna səbəb ona olan nifrətimdir. Hədisi bu şəkildə yalnız əl-Buxari rəvayət etmişdir. (Yəni bu hədisi Muslim deyil, əl-Buxari rəvayət etmişdir. əl-Buxari (9/349-354, “Fəthul-Bari”). əl-Hafiz İbn Həcər “Fəthul-Bari”də qeyd etmişdir ki, bu hədis Muslimdə olmayan hədislərdəndir. (Əhməd Şakir). əl-Buxari, 4868, 5275).
Əbul-Qasim əl-Bəğavi İkrimə vasitəsilə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Cəmilə bint Səlul Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Allaha and olsun ki, Sabit ibn Qeysin nə əxlaqına, nə də dindarlığına heç bir etirazım yoxdur, sadəcə olaraq,  müsəlman olduğum halda küfr etmək istəmirəm. Çünki mən ona nifrətdən dolayı artıq tab gətirə bilmirəm”. Peyğəmbər ﷺ ona (Cəmiləyə) dedi: “Sənə mehr olaraq verdiyini qaytararsanmı?” Cəmilə: “Bəli”, – dedi. Peyğəmbər ﷺ Sabitə əmr etdi ki, ona verdiyi mehri olduğu kimi artırmadan geri alsın”. (İbn Məcə, 2056; ət-Tabərani “Mucəmul-Kəbir” 11668. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2036). Hədisi İbn Mərdəveyh və İbn Məca rəvayət etmişlər. Hədisin isnadı yaxşıdır, məqbuldur. (İbn Məcə (2056) eyni isnadla bu hədisə yaxın mətnlə rəvayət etmişdir. ət-Tabəri isə (4810) Abdullah ibn Rabəhdən, o da Cəmilə bint Ubey ibn Səluldan bu hədisin mənasında olan bir hədisi rəvayət etmişdir. İsnadı səhihdir. (Əhməd Şakir). İbn Məcə Amr ibn Şueybin, o da atasının (Şueyb ibn Muhəmməddin), o da Amrın babasının (Abdullah ibn Amr ibn əl-Asın) belə dediyini rəvayət etmişdir: “Həbibə bint Səhl Sabit ibn Qeys ibn Şəmməsin həyat yoldaşı idi. Sabit yaraşıqlı kişi deyildi. Həbibə bir dəfə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, əgər Allahdan qorxmasaydım, Sabit mənim yanıma girəndə üzünə tüpürərdim”. Peyğəmbər ﷺ soruşdu: “Onun (mehr olaraq) verdiyi bağı özünə qaytararsanmı?” Qadın: “Bəli!”– deyə cavab verdi. Beləliklə, qadın Sabitə bağı qaytardı və Peyğəmbər ﷺ onları ayırdı”. (İbn Məcə (2057). Həmçinin İmam Əhməd rəvayət etmişdir. Lakin hədisi Abdullah ibn Amr ibn əl-Asın hədislərinin arasında rəvayət etməmişdir. Hədisi Səhl ibn Əbu Həsmənin hədisləri arasında rəvayət etmişdir (16113), (3/4). O, hədisi əl-Həccəcdən, o da Muhəmməd ibn Süleyman ibn Əbu Həsmədən, o da əmisi Səhl ibn Əbu Həsmədən rəvayət etmişdir. Hədisin sonunda “Bu, İslamda baş verən ilk xulu hadisəsi idi” əlavəsi var. əl-Heysəmi “əz-Zavaid” əsərində (5/4-5) hədisi qeyd etmiş və demişdir: “Əhməd, əl-Bəzzər və ət-Tabərani rəvayət etmişlər. Hədisin isnadında əl-Həccəc ibn Ərtat var. O isə tədlis etmişdir”. (Əhməd Şakir). İbn Məcə, 2057. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 103/7, hədis 2036).
Alimlər kişinin verdiyi mehrdən artığını almaqla zövcəsini boşamasının icazəli olub-olmaması məsələsində ixtilaf etmişlər. Əksər alimlərə görə, bu icazəlidir, çünki Uca Allah ayədə ümumi olaraq: “qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur”, – buyurur. İbn Cərir Səmuranın azad etdiyi köləsi Kəsirdən rəvayət etmişdir ki, bir dəfə Ömərin yanına ərinə nifrət bəsləyən bir qadın gətirdilər. Ömər o qadını içində çoxlu peyin olan bir otaqda həbs edilməsini əmr etdi. Sonra qadını çağıraraq: “Qaldığın yer necə idi?” – deyə soruşdu. Qadın: “(Ərimin) yanına gəldiyim gündən bəri yalnız məni həbs etdiyin bu gecə gözəl qoxu hiss etdim”, – deyə cavab verdi. Ömər qadının ərinə: “Bir sırğa qarşılığında olsa belə, bu qadını xulu et (qadından ayrıl)”. (ət-Tabəri, 4860, 4888; Səid ibn Mənsur “Sunən” 1432). Abdur-Razzəq də bu hədisin eynisini rəvayət etmişdir. Lakin onun rəvayətində əlavə olaraq “Ömər qadını üç gün o evdə həbs etdi” ifadəsi var. (ət-Tabəri (4860, 4861), əl-Beyhəqi (7/315). Bu əsərin isnadı bitişik deyil, çünki Səmuranın azad etdiyi köləsi Kəsir ibn Əbu Kəsir tabiindir. O ancaq kiçik səhabələrdən rəvayət etmişdir. Ömərdən etdiyi sənəd isə mursəldir. “ət-Təhzib” kitabında bildirildiyi kimi. (Əhməd Şakir).
əl-Buxari demişdir: “Osman qadının saç bağından başqa hər şeylə xulunun icazəli olduğunu demişdir”. Abdur-Razzəq ər-Rubeyyi bint Muavviz ibn Afranın belə dediyini rəvayət etmişdir: “Mənim bir ərim var idi. Yanımda olanda xeyri az dəyirdi, yanımda olmayanda isə məni hər şeydən məhrum edirdi. Bir gün səhv etdim və ona: “Sahib olduğum hər şeyi götürməklə məni boşayarsanmı?”- dedim. O: “Bəli”, – dedi. Mən belə də etdim. Əmim Muaz ibn Afra bu məsələ ilə əlaqəli Osman ibn Affana şikayət etdi. Osman ibn Affan bu xulunu (mal qarşılığında boşanmanı) icazəli görərək ərimə verdiyim əşyalardan saç bağımı və ondan daha kiçik şeyləri və ya yalnız saç bağımı götürməyi əmr etdi”. (ət-Tabəri (4870) Abdur-Razzəqin yolu ilə rəvayət etmişdir. İsnadı səhihdir. Həmçinin İbn Sad iki səhih isnadla rəvayət etmişdir (8/328), (Əhməd Şakir). ət-Tabəri, 4870, 4898; Abdur-Razzəq “Musannəf” 11850). Bunun mənası budur ki, əgər qadın ərindən boşanmaq istəsə, kişinin boşanma qarşılığında arvadında olan kiçik və böyük hər şeyi götürməyə haqqı çatır və ona yalnız saç bağını qoya bilər. Abdullah ibn Ömər, İbn Abbas, Mucahid və başqaları (Allah onlardan razı olsun) da bu fikirdədirlər. Həmçinin bu, İmam Malik, əl-Leys, əş-Şafii və Əbu Sovrun məzhəbidir. İbn Cərir də bunu seçmişdir.
Əbu Hənifənin davamçıları isə belə demişlər: “Əgər zərər qadın tərəfdən olarsa (ayrılmağı qadın tələb edərsə), əri ondan yalnız verdiyi mehri ala bilər. Bundan artığını alması icazəli deyil. Lakin əgər qazi məhkəmədə ərin verdiyi mehrdən artığına qərar verərsə, bu halda ala bilər. Əgər zərər kişi tərəfdən olarsa (kişi ayrılmağı istəsə), bu təqdirdə qadından bir şey alması icazəli deyil. Lakin məhkəmədə qazi kişiyə qadından bir şey düşməsinə qərar verərsə, bu halda ala bilər”. İmam Əhməd, Əbu Ubeyd və İshaq ibn Rahaveyh demişlər: “Kişinin (xulu zamanı), qadına mehr olaraq verdiyindən artığını alması icazəli deyil”. Səid ibn əl-Museyyib, Əta, əz-Zuhri və başqaları da belə demişlər.
Uca Allah buyurur: “Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır”, yəni Allahın sizin üçün qoyduğu bu şəriət qaydaları Allahın hüdudlarıdır, onları aşmayın. Səhih hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Həqiqətən də, Allah hədlər qoymuşdur, onları aşmayın və vacib olanları vacib etmişdir, onları tələf etməyin. Müəyyən şeyləri haram etmişdir, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil, sizə mərhəmət olaraq susmuşdur, onlar barədə soruşmayın”. (əd-Dəraqutni (4/185), əl-Hakim (4/115) və əl-Beyhəqi (10/12) rəvayət etmişlər. Əhməd Şakir demişdir: “Bu hədisi əl-Hafiz İbn Kəsir həmçinin “əl-Maidə” surəsinin 101-ci ayəsinin təfsirində gətirəcəkdir. Hədis Əbu Sələbə əl-Xuşənidən rəvayət olunur. “Qırx hədis” əsərində 30-cu hədisdir. ən-Nəvəvi demişdir: “Həsən hədisdir. əd-Daruqutni və başqaları rəvayət etmişlər”. əs-Suyuti “əl-Camius-Sağir” kitabına əlavələrdə qeyd etmişdir ki, hədisi həmçinin əl-Hakim rəvayət etmişdir. Bax: “əl-Fəthul-Kəbir” (1/331), (Əhməd Şakir). əl-Hakim, 7114; əd-Dəraqutni “Sunən” 4396. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1597; Mişkətul-Məsabih, 197).
Uca Allah buyurur: “Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz”, yəni əgər kişi daha əvvəl vermiş olduğu iki talaqdan sonra üçüncü dəfə zövcəsini boşasa; “qadın başqa bir kişiyə ərə getməyincə”, yəni (şəriətə uyğun) doğru nikahla başqa bir kişiyə ərə getməyincə və ikinci əri onunla cinsi münasibətdə olmayınca, köhnə ərinə halal olmaz. Məsələn, başqa bir kişi nikah bağlanmadan, kölə qadın kimi o qadınla cinsi münasibətdə olarsa, yenə birinci ərinə halal olmaz. İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşuldu: “Bir kişi bir qadınla evli olub, sonra qadını üç dəfə boşamışdır. Üçüncü boşanmadan sonra qadın başqa bir kişi ilə nikah bağlayır, lakin yaxınlıq etmədən kişi qadını boşayır. Bu qadın ilk ərinə halal olurmu?” Peyğəmbər ﷺ demişdir: “Xeyr, qadın kişidən, kişi də qadından ləzzət almayınca (cinsi əlaqədə olmayınca) ilk ərinə halal olmaz”. (Əhməd, 14024, 14056, 14069; Abdur-Razzəq “Musannəf” 10634. Şueyb əl-Arnavut sənədinin zəif, hədisin isə səhih li-ğeyrihi olduğunu bildirmişdir). Hədisi İbn Cərir də rəvayət etmişdir. Mən deyirəm: “Hədisin sənədində olan Muhəmməd ibn Dinar ibn Sandəl Əbu Bəkr əl-Əzdi (sonra) ət-Tahi əl-Basri – ona İbn Əbu əl-Furat da deyilir – barədə alimlər ixtilaf etmişlər. Bəziləri onu zəif görmüş, bəziləri isə mötəbər sayıb hədislərini qəbul etmişlər. Əbu Davud onun ölümündən əvvəl dəyişdiyini (zəiflədiyini) qeyd etmişdir. Ən doğrusunu Allah bilir. (“əl-Musnəd” (14069), ət-Tabəri (4900). Muhəmməd ibn Dinar ət-Tahi etibarlı ravidir. İbn Məin onun barəsində demişdir: “Onun rəvayətləri keçərlidir”. Əbu Zura demişdir: “Doğru danışan ravidir”. əl-Buxari “əl-Kəbir” əsərində (1/1/77) onun tərcümeyi-halını qeyd etmiş və onun barəsində pis bir şey deməmişdir. ət-Tahi – Əzd diyarında yerləşən Tahiyə adlanan bir yerə nisbət olunub. Çap olunmuş nüsxədə ət-Tai gəlmişdir. Bu səhvdir. Hədisi həmçinin əl-Beyhəqi (7/375-376) rəvayət etmişdir. əl-Heysəmi hədisi “əz-Zəvaid” kitabında qeyd etmişdir (4/340) və Əhmədə, əl-Bəzzərə, Əbu Yaləyə və ət-Tabəraniyə nisbət etmiş, sonra demişdir: “Hədisi rəvayət edənlər “Səhih” əsərində adları keçən ravilərdir. Yalnız Muhəmməd ibn Dinar ət-Tahidən başqa. Əbu Hatim, Əbu Zura və İbn Hibban onun etibarlı olduğunu bildirmişlər. Onun barəsində deyilən töhmətlər isə rəvayətlərinə təsir etmir”.
əl-Hafiz İbn Kəsir bu hədisdən əvvəl onunla eyni mənada olan başqa bir hədis gətirmişdir. Bu hədis müxtəlif yollarla “əl-Musnəd” əsərində keçən isnadlarla İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur. İbn Kəsir bu hədisi həmçinin ən-Nəsəiyə, İbn Məcəyə və ət-Tabəriyə nisbət etmişdir. Hədisin isnadlarında zəiflik var. “əl-Musnəd” (4776, 4777, 5277, 5278, 5571), ət-Tabəri (4902-4904), (Əhməd Şakir).
İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, ərindən üç talaqla boşandıqdan sonra [başqası ilə] evlənib cinsi əlaqədə olmadan boşanan və ilk ərinə qayıtmaq istəyən bir qadın barədə Peyğəmbərdən soruşulduqda demişdir: “Xeyr, ikinci əri ondan ləzzət almayınca (cinsi əlaqədə olmayınca) birinci ərinə halal olmaz”. (ət-Tabəri (4898, 4899). Hədisin mətnindəki “başqası ilə” ifadəsi əl-Əzhəriyyə əlyazmasından və ət-Tabəridən əlavə olunmuşdur. Hədisin sənədi səhihdir. Lakin İbn Kəsir burada Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edən tabiin barədə “Əbul-Həris tanınmır” deməklə hədisin sənədində nöqsan tutmuşdur, lakin o tanınmış Əbul-Həris əl-Ğifəridir. əl-Buxari və İbn Əbu Hatim onu tanımışlar. Onun tərcümeyi-halını öz kitablarında qeyd etmiş və onun barəsində pis heç bir şey deməmişlər. Həmçinin o tabiindir. Tabiinlər barədə isə açıq tənə gəlməyincə etibarlı olaraq qalırlar (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 3354, 3407; Əhməd, 24195, 24650. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
İmam Əhməd Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “(Bir dəfə) mən və Əbu Bəkr Peyğəmbərin ﷺ yanında ikən Rifaə əl-Qurəzinin arvadı Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Rifaə məni birdəfəlik (üçüncü dəfə) boşadıqdan və mənim iddəm bitdikdən sonra mən Abdur-Rahmən ibn əz-Zəbirə ərə getdim. Lakin (bir kişi kimi) o məni qane etmir”. Qadın əli ilə paltarının ucunu göstərdi. Bu vaxt Xalid ibn Səid ibn əl-As qapıda idi. Ona daxil olmağa icazə verilməmişdi. Xalid bunu eşidib Əbu Bəkrə dedi: “Ey Əbu Bəkr, bu qadına Peyğəmbərin ﷺ yanında belə danışmağı qadağan etməyəcəksənmi?” Peyğəmbər ﷺ onun dediklərinə, sadəcə, gülümsədi və dedi: “Olmaya sən Rifaəyə qayıtmaq istəyirsən?! Yox, sən Abdur-Rahmənlə yaxınlıq etməyincə (Rifaəyə) qayıda bilməzsən”. (əl-Buxari, 2445, 2679). əl-Buxari rəvayət etmişdir. Muslimdə gələn Abdur-Razzəqin hədisində isə deyilir: “Rifaə onu son üçüncü dəfə boşamışdı”. (Muslim, 2588, 3600). Hədisi Əbu Davuddan başqa bütün hədis müəllifləri rəvayət etmişlər. (“əl-Musnəd” (6/34, Hələb nəşri), Muslim (1/407-408). Həmçinin Abdur-Razzəq “əl-Musannəf” əsərində (3/305 əlyazma) və ət-Tabəri Abdur-Razzəqin yolu ilə (4893) rəvayət etmişlər. İbn Kəsir burada bu hədisdən əvvəl hədisin əl-Buxari, Muslim və digər kitablarda keçən müxtəlif yollarını qısa və geniş şəkildə gətirmişdir. Abdur-Rahmən ibn əz-Zəbir (Allah ondan razı olsun) Bənu Qureyza qəbiləsindən olan məşhur səhabədir. “əl-İsabə” və digər kitablarda tərcümeyi-halı keçmişdir. (Əhməd Şakir).
 
Fəsil
 
Qadının üç boşanmadan sonra ərə getdiyi ikinci kişi həmin qadını istəyərək və davamlı yaşamağı niyyət edərək onunla evlənməlidir. Necə ki evlənmədə şəriətə uyğun olan da budur. İmam Malik bundan əlavə daha bir şərt qoymuşdur ki, bu da qadının ərə getdiyi ikinci kişi həmin qadınla şəriətin icazə verdiyi hallarda cinsi əlaqədə olmasıdır. Əgər qadın boşandıqdan sonra ərə getdiyi ikinci kişi onunla qadın ehramda, oruclu, etiqafda, heyzli və nifaslı ikən cinsi əlaqədə olarsa, bu əlaqə qadını birinci ərinə halal etmir. Həmçinin qadının ərə getdiyi ikinci kişi özü ehramda, oruclu və ya etiqafda olduğu halda qadınla cinsi əlaqədə olarsa, bu halda da qadın birinci ərinə halal olmur. Habelə əgər ikinci ər zimmi kafir (Zimmi kafir – cizyə (vergi) ödəməklə müsəlman ölkəsində yaşayan kafirlərdir). olarsa, bu kişinin (zimmi) qadınla nikaha girməsi də bu qadını müsəlman kişiyə halal etmir. Çünki İmam Malikə görə kafirlərin nikahı batildir. (Yəni əgər qadın zimmi kafir olarsa və müsəlman kişinin arvadı olarsa, sonradan müsəlman kişi bu qadını üç dəfə boşasa və qadın özü kimi zimmi kafirə ərə getsə, bu evlilik zimmi qadını müsəlman kişiyə halal etmir).
Şeyx Əbu Ömər ibn Abdul-Bərrin rəvayətinə görə, əl-Həsən əl-Bəsri daha bir şərt qoymuşdur ki, bu da üçüncü dəfə boşanan qadın ikinci dəfə ərə getdiyi kişi ilə cinsi əlaqədə olarkən kişidən məni (sperma) gəlməsidir. əl-Həsən əl-Bəsri bu şərti qoymaqda Peyğəmbərin ﷺ: “Xeyr, sən kişidən, kişi də səndən ləzzət almayınca (cinsi əlaqədə olmayınca) ilk ərinə halal olmazsan” sözündən başa düşdüyünə əsaslanır. Bu şərtə görə, qadından da maye gəlməsi vacib olur. Lakin hədisdə “ləzzət almayınca” dedikdə məninin (spermanın) gəlməsi nəzərdə tutulmur. İmam Əhməd və ən-Nəsəinin Aişədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Bilin ki, ləzzət almaq cinsi əlaqədə olmaqdır”. (“əl-Musnəd” (6/62, Hələb nəşri) “Ləzzət almaq cinsi əlaqədə olmaqdır” mətni ilə rəvayət olunur. Görünür, ən-Nəsəi bu hədisi “Sunənul-Kubra” əsərində rəvayət etmişdir, çünki hədis “Sunənus-Suğra” əsərində yoxdur. Bu səbəbdən əl-Heysəmi “əz-Zəvəid” kitabında (4/341) rəvayət etmiş, sonra demişdir: “Əhməd və Əbu Yəalə rəvayət etmişlər. Hədisin isnadında Əbu Abdul-Məlik əl-Məkki var və onun bu hədisdən savayı bir hədis rəvayət etməsini bilmirəm. Yerdə qalan rarvilər “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. (Əhməd Şakir). Əbu Yəalə, 4881; əd-Dəraqutni “Sunən” 3619, 3662. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4129).  
Lakin əgər ikinci ərin bu qadını almaqda məqsədi onu birinci ərinə halal etmək olmuşsa, bu zaman ikinci ər “muhəllil” (qadını birinci ərinə halal edən) sayılır. Hədislərdə bu əməl pislənmiş və belə edənlər lənətlənmişdir. Əgər qadının ikinci əri bunu nikah bağlanarkən etiraf edərsə, əksər alimlərə görə, bu nikah etibarsız sayılır. İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ döymə vurana (Burada döymə döydürmək deyildikdə dəridə iynə ilə yazı yazmaq və ya şəkil çəkmək (tatuaj) nəzərdə tutulur. İslamaqədərki dövrdə, əsasən, qadınlar hansı qəbiləyə mənsub olduqlarını bildirmək üçün bədənlərinin bəzi yerlərinə yazı və ya şəkil döydürərdilər). və bədəninə döymə vurdurana, saçı qaynaq edənə və saçını qaynaq elətdirənə, halal edənə (bir qadının köhnə ərinə halal olması üçün onunla evlənənə) və halal etdirənə (bu işi özü üçün elətdirənə), sələm (faiz) alana və verənə lənət etmişdir. (Əhməd, 4403; ən-Nəsəi “Sunən” 3416. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3296). Bu hədisi ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. (“əl-Musnəd” (4283, 4284, 4403), (Əhməd Şakir). ət-Tirmizi bu hədisə “həsən-səhih” demişdir. Sonra ət-Tirmizi demişdir: “Səhabələrdən Ömər, Osman və İbn Ömər kimi elm əhli buna əməl etmişlər. Tabiin fəqihlər də belə demişlər. Bu rəy Əli, İbn Məsud və İbn Abbasdan da rəvayət edilmişdir”.
İbn Məcə Uqbə ibn Amirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Sizə kirayəyə götürülmüş erkək keçinin kim olduğunu xəbər verimmi?” Səhabələr: “Bəli, ey Allahın Elçisi”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ dedi: “Bu, bir qadının köhnə ərinə halal olması üçün onunla evlənəndir. Allah halal edəni də, halal etdirəni də lənətləmişdir”. (İbn Məcə (1936). İsnadı səhihdir. Bu hədisin səhihliyinə tən edənlər səhv etmişlər. əl-Hafiz İbn Kəsir bu barədə burada ətraflı danışmışdır. Həmçinin hədisi əl-Hakim (2/198-199) iki isnadla rəvayət etmiş və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır (Əhməd Şakir). İbn Məcə, 1936; əd-Dəraqutni “Sunən” 3618; əl-Hakim, 2804–2805. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 2596). İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allah halal edənə (bir qadının köhnə ərinə halal olması üçün onunla evlənənə) və halal etdirənə (bu işi özü üçün etdirənə) lənət eləsin!” (Əhməd, 8270, 8287; İbn Məcə, 1934-1935. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1897). Bu hədisi Əbu Bəkr ibn Əbu Şeybə, əl-Cuzcəni və əl-Beyhəqi Abdullah ibn Cəfər əl-Qureşi vasitəsilə Osman ibn Muhəmməd əl-Əxnəsidən, o da Səid əl-Məqburidən rəvayət etmişdir. (“əl-Musnəd” (8270). Hədis “əz-Zəvaid” kitabında keçir (4/267). əl-Heysəmi demişdir: “Əhməd və əl-Bəzzər rəvayət etmişlər. “Əhməd və Əbu Yəalə rəvayət etmişlər. Hədisin isnadında Osman ibn Muhəmməd əl-Əxnəsi var. İbn Məin və İbn Hibban onun etibarlı olduğunu demişlər. İbn əl-Mədini demişdir: “Onun Əbu Hureyradan rəvayət etdiyi məqbul olmayan hədisləri var”. Mən deyirəm: “Bu hədis onlardan deyil. Hədis səhihdir”. (Əhməd Şakir). Əhməd ibn Hənbəl, Əli ibn əl-Mədini, Yəhyə ibn Məin və başqaları Abdullah ibn Cəfər əl-Qureşinin etibarlı olduğunu demişlər. İbn Məin Osman ibn Muhəmməd əl-Əxnəsinin etibarlı olduğunu demişdir. Hədis alimləri Səid əl-Məqburinin etibarlı olmasında ittifaq etmişlər.
əl-Hakim Nafidən rəvayət etmişdir ki, bir kişi İbn Ömərin (Allah ondan razı olsun) yanına gəlib soruşdu: “Bir kişi arvadını üç dəfə boşamışdır. Sonra onun xəbəri olmadan qardaşlarından biri qadını birinci ərinə halal etmək məqsədilə həmin qadınla evlənmişdir. Əgər ikinci əri qadını boşasa, bu qadın birinci ərinə halal olurmu?” İbn Ömər dedi: “Xeyr, halal olmur. Yalnız kişi qadınla davamlı yaşamağı istəyərək onunla evləndiyi halda halal olur. Biz bunu Peyğəmbərin ﷺ dövründə zinakarlıq sayardıq”. (əl-Hakim, 2806; əl-Beyhəqi “Sunənul-Kubra” 13967, 14574, “Sunənus-Suğra” 1931, 2499. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1898). Sonra əl-Hakim demişdir: “Bu hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/199). əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtinə görə səhihdir”. əz-Zəhəbi də bununla razılaşmışdır. Onların dedikləri doğrudur. Bu hədislə eyni mənada olan bir hədis “Məcməuz-Zəvaid” kitabında keçir (4/267). Sonra əl-Heysəmi demişdir: “ət-Tabərani “əl-Əvsat” əsərində rəvayət etmişdir. Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. (Əhməd Şakir). Hədisin məzmunundan Peyğəmbərə ﷺ nisbət olunması hiss olunur. Əbu Bəkr ibn Əbu Şeybə, əl-Cuzcəni, Hərb əl-Kirmani və Əbu Bəkr əl-Əsrəm Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Halal edən (bir qadının köhnə ərinə halal olması üçün onunla evlənən) və halal etdirən (bu işi özü üçün elətdirən) yanıma gətirilərsə, onları daşqalaq etdirərəm”. (əl-Beyhəqi “Sunənul-Kubra” 13969; İbn Əbu Şeybə “Musannəf” 37344; Abdur-Razzəq “Musannəf” 10777). əl-Beyhaqi Süleyman ibn Yəsərdən rəvayət etmişdir ki, Osman ibn Affanın yanına bir qadını əvvəlki ərinə halal etmək məqsədilə onunla evlənən bir kişi gətirildi. Osman onları ayırdı. (əs-Suyuti “Durrul-Mənsur” 2/696). Əli, İbn Abbas və səhabələrin (Allah onlardan razı olsun) bir çoxundan belə rəvayət edilmişdir.
Uca Allah buyurur: “Əgər sonrakı əri onu boşasa”, yəni ikinci əri cinsi əlaqədə olduqdan sonra onu (qadını) boşasa; “yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur”, yəni qadının birinci əri ilə evlənməsində heç bir günah yoxdur. “Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə”, yəni əgər yaxşı dolanacaqlarını güman edirlərsə; “Bunlar Allahın hədləridir”, yəni bu qeyd olunanlar Allahın şəriəti və ehkamlarıdır; “onları anlayan adamlara bəyan edir”, yəni açıqlayır.
əl-Bəqərə, 231
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا وَمَنْ يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
231. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

 
Bu ayə ilə Uca Allah kişilərə əmr edərək buyurur ki, arvadını raci (qaytarmaq hüququna malik olan) talaqla boşayan kişi qadının gözləmə müddəti sona yetməyə yaxınlaşdıqda ya qadını saxlamalı, yəni qadınla gözəl davranmağı niyyət edərək əvvəlki nikahla himayəsinə qaytarmalı və qaytardığına şahid tutmalı, ya da müvafiq qayda üzrə sərbəst buraxmalıdır, yəni gözləmə müddəti bitənə qədər qadınla yaxınlıq etməməlidir. Gözləmə müddəti bitdikdən sonra isə ədavət aparmadan, dalaşmadan, bir-birlərini təhqir etmədən gözəl şəkildə evindən çıxarmalıdır. Uca Allah buyurur: “Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın”. İbn Abbas, Mucahid, Qatədə və bir çoxları demişlər: “Əvvəllər bir kişi arvadını boşayar, sonra gözləmə müddəti başa çatmağa yaxınlaşdıqda ona zərər vermək məqsədilə qadını qaytarardı ki, başqasına ərə getməsin. Sonra qadını yenidən boşayar və qadın yenidən iddəsini gözləyərdi. Qadının iddəsi sona yaxınlaşdıqda qadının gözləmə müddəti uzansın deyə onu bir daha boşayardı. Uca Allah kişilərə belə etməyi qadağan etdi və bunu edənləri hədələyərək: “Kim bunu etsə, ancaq özünə zülm etmiş olar”, – buyurdu”. 
Uca Allah buyurur: “Allahın ayələrini ələ salmayın”. İbn Cərir bu ayənin təfsirində Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbərin ﷺ əl-Əşari qəbiləsinə qəzəbi tutdu. Əbu Musa əl-Əşari Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, əl-Əşari qəbiləsinə qəzəblənmisənmi?” Peyğəmbər ﷺ dedi: “Sizlərdən biri (arvadına): “boşadım”, ardından “yenidən qaytardım”, – deyir. Müsəlmanlar belə boşamırlar. Qadını iddənin əvvəlində (heyzdən təmizləndikdən sonra) boşayın!” (ət-Tabəri (4925, 4926). Hər iki hədisin isnadı səhihdir. Həmçinin əl-Beyhəqi (7/323) və İbn Məcə (2017) oxşar hədisi səhih isnadla rəvayət etmişdir. İbn Məcənin rəvayəti belədir: “Nə üçün bəziləri Allahın hüdudları ilə oynayır? Gah “boşadım”, gah “qaytardım”, gah da “boşadım” deyir” (Əhməd Şakir). İbn Məcə, 2017; İbn Hibban, 4265. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4431; Daif əl-Cami, 5035). Məsruq demişdir: “Ayədə arvadını lazımi vaxtda boşamayanlar nəzərdə tutulur. Qadının gözləmə müddəti uzansın deyə, boşaması və qaytarması ilə qadına zərər vuran kişi nəzərdə tutulur”. əl-Həsən, Qatədə və başqaları demişlər: “Bu, zövcəsini boşayan, sonra: “əylənirdim”, – deyən, habelə kölə azad edən və ya bir qadını evləndirən, sonra isə “əylənirdim”, – deyən kişidir. Uca Allah da “Allahın ayələrini ələ salmayın” ayəsini nazil etdi və onlara dediklərini yerinə yetirməyi vacib etdi”.
İbn Əbu Hatim Ubadə ibn əs-Samitdən rəvayət etmişdir ki, Peyğəmbərin ﷺ dövründə bir kişi başqa bir kişiyə: “Qızımı sənə verdim”, sonra isə: “Əylənirdim”, – deyərdi. Həmçinin köləsinə: “Səni azad etdim”, – deyər, bir müddətdən sonra isə: “Əylənirdim”, – deyərdi. Uca Allah da: “Allahın ayələrini ələ salmayın” ayəsini endirdi. Peyğəmbər ﷺ dedi: “Üç şey var ki bunları istər əylənərək, istər əylənmədən (ciddi şəkildə) deyəndən qəbul olunur. Bunlar: talaq (boşama), kölə azad etmə və evləndirmədir”. (Durrul-Mənsur (1/186). Həmçinin İbn əl-Munzir rəvayət etmişdir. (Əhməd Şakir). Bu mövzu ilə əlaqəli məşhur olan hədis Əbu Davud, ət-Tirmizi və İbn Məcanın Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdir. Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Üç şey var ki, onları istər ciddi de, istərsə də zarafatla de, hər iki halda ciddi qəbul olunur. Bunlar – evlənmək, boşanmaq və həyat yoldaşını boşadıqdan sonra geri qaytarmaqdır”. (İbn Həcər “əl-Mətalibul-Aliyə” 1848. Hədis zəifdir). ət-Tirmizi hədisə “həsən-ğarib” demişdir. (“Durrul-Mənsur” kitabında qeyd edildiyi kimi, əl-Hakim və əl-Beyhəqi rəvayət etmişlər. əl-Hakim səhih olduğunu demişdir. (Əhməd Şakir).  
Uca Allah buyurur: “Allahın sizə olan nemətini”, yəni sizə açıq-aydın dəlilləri və doğru yolu göstərən Peyğəmbəri ﷺ göndərməklə bəxş etdiyi nemətini; “öyüd-nəsihət vermək üçün”, yəni yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək və haramları etməyəsiniz deyə əzabla qorxutmaq üçün sizə “nazil etdiyi Kitab və hikməti”, yəni sünnəni “yadınıza salın”. Etdiyiniz və etmədiyiniz şeylərə görə “Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir”. Sizin gizlində və aşkarda etdiyiniz heç bir işiniz Ona gizli qalmaz və əməllərinizin əvəzini verəcəkdir.
əl-Bəqərə, 232
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِ ذَلِكَ يُوعَظُ بِهِ مَنْ كَانَ مِنْكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكُمْ أَزْكَى لَكُمْ وَأَطْهَرُ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
232. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu öyüd-nəsihətə sizlərdən Allaha və Axirət gününə iman gətirənlər əməl edər. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə arvadını bir və ya iki dəfə boşayan, qadının iddəsi (gözləmə müddəti) bitdikdən sonra onunla yenidən evlənmək və onu qaytarmaq istəyən kişi barəsində nazil olmuşdur. Həmçinin qadın da əri ilə yenidən evlənmək istəməsinə baxmayaraq, qadının vəliləri (himayədarları) buna mane olurlar. Bu ayə ilə Allah qadının himayədarlarını bu əməldən daşınmağa çağırmışdır”. Məsruq, İbrahim ən-Nəxai, əz-Zuhri və əd-Dahhak da bu ayənin məhz bu barədə nazil olmasını söyləmişlər. Onların dedikləri ayənin zahirindən aydın görünür. Həmçinin ayə dəlildir ki, qadın özü özünü evləndirmək haqqına malik deyil, qadın ərə getdikdə mütləq vəlisi (himayədarı) olmalıdır. Necə ki ət-Tirmizi və İbn Cərir bu ayənin təfsirində belə demişlər. Həmçinin bir hədisdə gəlmişdir ki, “Qadın qadını evləndirə bilməz, qadın özü özünü də evləndirə bilməz. (Yalnız zinakar qadın özü özünü evləndirər)”. (İbn Məcə rəvayət etmişdir (1882). əl-Busiri “əz-Zəvaid” kitabında İbn Məcənin şeyxi Cəmil ibn əl-Həsən əl-Məkki səbəbindən hədisin zəif olduğunu bildirmişdir. Doğru olan isə budur ki, o, etibarlı ravidir. Ona tənə edənlər səhv etmişlər. İbn Hibban, İbn Xuzeymə və başqaları onu etibarlı saymışlar. İbn Xuzeymə onun bu hədisini “Nasbur-Rayə” (3/188) əsərində rəvayət etmişdir. əd-Dəraqutni (səh. 384) eyni yolla rəvayət etmişdir. Hədis tək bu yolla gəlmir. Həmçinin əd-Dəraqutni bu hədisi səhih yolla Peyğəmbərdən, başqa bir yolla səhabədən rəvayət etmişdir. Səhabədən gələn hədis Peyğəmbərdən ﷺ rəvayət olunan hədisi gücləndirir və səhih olduğunu bildirir. Həmçinin əl-Beyhəqi (7/11) müxtəlif yollarla, o cümlədən İbn Xuzeymənin yolu ilə rəvayət etmişdir. (Əhməd Şakir). İbn Məcə, 1882; əd-Dəraqutni “Sunən” 3535. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1841; Səhih əl-Cami, 7298. Mötərizədə olan hissə bəzi alimlərə görə zəifdir). Başqa bir hədisdə deyilir: “Yol göstərən bir vəli (himayədar) və iki ədalətli şahid olmasa, nikah sayılmaz”. (əl-Beyhəqi (7/126) İmam əş-Şafiinin yolu ilə rəvayət etmişdir. Həmçinin mənaca bu hədisə oxşar hədisi başqa yolla (səh. 124) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 13428, 14021; “Sunənus-Suğra” 1839, 2365, 4214). Bu məsələdə alimlər arasında fikir ayrılığı var və bu barədə fiqh kitablarında ətraflı yazılmışdır.
Rəvayət edilir ki, bu ayə Məqil ibn Yəsar və onun bacısına görə nazil edilmişdir. ət-Tirmizi rəvayət edir ki, Məqil ibn Yəsar Peyğəmbərin ﷺ dövründə bacısını müsəlmanlardan bir kişiyə ərə vermişdi. Bacısı o kişi ilə bir müddət yaşadıqdan sonra kişi onu bir talaqla boşadı və iddə müddəti bitənə qədər onu qaytarmadı. Sonra kişi qadını qaytarmaq istədi, qadın da ərinə qayıtmaq istəyirdi. Kişi Məqilin bacısını qaytarmaq üçün elçi düşdü. Məqil ona dedi: “Alçaq! Bacımı sənə ərə verdim, onu sənə arvad elədim və sənə ehtiram göstərdim, sən isə onu boşadın. Yox, vallah, o heç vaxt sənə qayıtmayacaq. Bu sonuncu dəfə idi”. Allah onların bir-birlərinə olan ehtiyaclarını bildi və bu ayəni: “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ...” sözündən, “Allah bilir, siz isə bilmirsiniz”, sözünə kimi nazil etdi. Məqil bu ayəni eşitdikdə dedi: “Rəbbimin sözünü eşitdim və itaət etdim”. Sonra kişini çağırıb: “Bacımı sənə ərə verdim və sənə ehtiram göstərdim”, – dedi”. (əl-Buxari, 4529, 5130, 5330; Əbu Davud, 2089; ət-Tayəlisi, 930, 972; ən-Nəsəi “Sunənul-Kubra” 10974, 11041; əl-Beyhəqi “Sunənus-Suğra” 1830, 2352). İbn Mərdəveyh əlavə olaraq Məqilin: “Andıma görə kəffarə verdim” dediyini əlavə etmişdir. (ət-Tirmizi (4/78) rəvayət etmiş və demişdir: Həsən-səhihdir. İbn Mərdəveyhin əlavəsi ilə olan hədisi əl-Beyhəqi (7/104) rəvayət etmişdir. Onun rəvayəti belədir: “Andıma görə kəffarə verdim və bacımı onunla evləndirdim”. Hədisi həmçinin əl-Buxari qısa və uzun mətnlə rəvayət etmişdir (8/143, 9/160–161). əl-Hafiz İbn Kəsir burada hər iki isnada işarə etməklə qısa rəvayəti nəql etmişdir. Sonra bildirmişdir ki, hədisi Əbu Davud, İbn Məcə, İbn Əbu Hatim və İbn Cərir rəvayət etmişlər. ət-Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: “Bu hədis dəlalət edir ki, vəlinin (himayədarın) izni olmadan nikah bağlamaq olmaz. Çünki Məqil ibn Yəsarın bacısı ərdə olmuş qadın idi (bakirə deyildi). Əgər ərə getmək onun himayədarı Məqilə deyil, onun özünə aid olsaydı, bu zaman o özü özünü ərə verərdi və Məqilin iznini almağa ehtiyac qalmazdı. Uca Allah bu ayədə qadınların vəlilərinə (himayədarlarına) müraciət edərək buyurur: “o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın”. Bu ayə dəlalət edir ki, evləndirmək məsələsi qadınların razılığı olduqdan sonra onların vəlilərinə (himayədarlarına) aiddir”.
ət-Tabəri (5/26–27) demişdir: “Bu ayə “Ata tərəfdən (ata, baba, əmi, qardaş və s). vəli (himayədar) olmadan nikah yoxdur” deyənlərin sözünün doğru olmasına açıq-aydın dəlalət edir. Çünki Uca Allah ayədə qadının himayədarını qadın əvvəlki ərinə qayıtmaq istədikdə ona mane olmaqdan çəkindirmişdir. Əgər qadın özü özünü evləndirmək hüququna malik olsaydı və ya istədiyi kəsi vəli seçmək imkanı olsaydı, o zaman o, ərə getmək istədikdə himayədarı buna mane olmaqdan çəkindirməyin bir mənası olmazdı. Əgər belə olsaydı, himayədar heç bir halda qadına ərə getməyə mane ola bilməzdi və qadın istədiyi vaxt özü ərə gedərdi və ya bunu istədiyi kəsə tapşırardı. Bu halda ona mane olmaqdan çəkindiriləcək bir kəs tapılmazdı”.
ət-Tirmizi və İbn Cəririn dedikləri bu ayənin mənasından açıq-aydın görünür. Bu barədə yalnız dindən xəbəri olmayan və ya inadkar təəssübkeş mübahisə edər.
Həmçinin hədis alimləri “Himayədar (vəli) olmadan bağlanan nikah düzgün deyil” hədisinin səhih olmasında şəkk etmirlər. Bu hədis səhihdir və rəvayət olunduğu isnadların çoxluğuna görə az qala “mutavatir” (çoxsaylı yollarla sabit olan səhih hədis) dərəcəsinə çatsın. Bu bütün alimlərin rəyidir. Bu rəyi Quran ayələri və bu ayələrdən çıxan məna dəstəkləyir. Bu rəyə müxalif olanlar – bildiyimizə görə – yalnız Hənəfi məzhəbinin bəzi mənsubları və onların ardıcıllarıdır. Ola bilsin, əvvəlki alimlərə bu hədis səhih isnadla çatmadığına görə bu məsələdə üzrlü sayılsınlar. Lakin onların davamçıları təəssübkeşlik edərək əsassız olaraq bu hədisin rəvayətlərini zəifləşdirib və hədisi başqa mənalara yönəldiblər. (Əhməd Şakir). Sələf alimlərdən bir çoxu qeyd etmişdir ki, bu ayə Məqil ibn Yəsar və bacısı barədə nazil edilmişdir. əs-Suddi isə bu ayənin Cabir ibn Abdullah (Allah ondan razı olsun) və onun əmisi qızı barədə nazil olduğunu demişdir. Lakin səhih olan birincidir.
Uca Allah buyurur: “Bu öyüd-nəsihətə, sizlərdən Allaha və Axirət gününə iman gətirənlər əməl edər”, yəni “Ey insanlar! Vəliləri (qadınların himayədarlarını) himayələrində olan qadınların ərləri ilə razılığa gəldikləri təqdirdə, onlarla evlənmələrinə mane olmaqdan çəkindirdiyim bu nəsihəti sizlərdən Allahın şəriətinə iman gətirən, Onun təhdidlərindən, Axirət yurdunda verəcəyi əzabdan və cəzadan qorxanlar qəbul edər, ona əməl edər və həyatlarında tətbiq edərlər. “Bu sizin üçün daha yaxşı və daha pakdır”, yəni təkəbbürlüyü tərk edib əvvəlki ərlərini istəyən qadınları ərə verməklə Allahın şəriətinə tabe olmağınız sizin üçün daha yaxşı, qəlbləriniz üçün daha təmizdir. “Allah bilir”, yəni Allah əmr etdiyi və çəkindirdiyi şeylərdə olan faydaları bilir; “siz isə bilmirsiniz”, yəni etdiyiniz və etmədiyiniz əməllərdən hansında xeyir olduğunu bilmirsiniz.
əl-Bəqərə, 233
وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
233. Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı əmizdirmək üçün süd anasına vermək istəyirsinizsə, bu zaman süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.

 
Uca Allah bu ayədə analara uşaqlarını tam müddətdə əmizdirmələrini nəsihət edir. Bu müddət iki ildir və bu müddətdən sonrakı əmizdirmələr sayılmır. Bu səbəbdən Uca Allah: “Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür”, – buyurur. Alimlərin əksəriyyəti yalnız iki yaşdan əvvəlki əmizdirmənin süd qohumluğu yaradaraq, süd qohumları ilə evlənməni haram etdiyini demişlər. Əgər uşaq iki yaşından böyük olarsa, bu yaşda süd əmməsi süd qohumluğu yaratmır və heç bir şeyi haram etmir. ət-Tirmizi Ummu Sələmədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Yalnız süddən kəsilmə yaşına (iki yaşına) qədər döşdə olan südlə qidalanmaq süd qohumluğu yaradır və süd qohumları ilə evlənməyi haram edir”. (ət-Tirmizi, 1152, 1185; ən-Nəsəi “Sunənul-Kubra” 5441, 5465; İbn Əbu Şeybə “Musannəf” 17340. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7633). Sonra ət-Tirmizi demişdir: “Həsən-səhih hədisdir. Peyğəmbərin ﷺ səhabələri və digər əksər elm adamları belə əməl etmişlər. Yalnız iki yaşdan kiçik uşağın süd əmməsi ilə süd qohumluğu yaranır və süd qohumları ilə evlənmək haram olur. İki yaş tamamlandıqdan sonra əmizdirmə heç bir şeyi haram etmir”.
Mən deyirəm: “Bu hədisi yalnız ət-Tirmizi rəvayət etmişdir. Hədisin isnadının raviləri əl-Buxari və Muslimin şərtlərinə uyğundur”. (ət-Tirmizi (2/201). əl-Hafiz İbn Həcər “Buluğul-Məram” kitabında qeyd etmişdir ki, bu hədisi həmçinin əl-Hakim də səhih görmüşdür. (Əhməd Şakir). “Döşdə olan südlə qidalanmaq”, – dedikdə iki yaşına qədər döşdən süd əmmək nəzərdə tutulur. Necə ki İmam Əhməd əl-Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin ﷺ oğlu İbrahim öldükdə Peyğəmbər ﷺ dedi: “Həqiqətən, Cənnətdə onu əmizdirən süd anası var”. (Əhməd, 18574, 18686, 18709; əl-Buxari, 1293, 3015, 1382, 3255). Hədisi bu şəklidə əl-Buxari də rəvayət etmişdir. (əl-Hafiz İbn Kəsir belə demişdir. Lakin təəssüf ki, bu onun tərəfindən edilmiş bir səhvdir. Çünki əl-Bəranın hədisini əl-Buxari rəvayət etmişdir. Lakin bu hədisdə “Oğlum döşdən ayrılmadan vəfat etdi” cümləsi yoxdur. Həmçinin Əhməd də bir neçə dəfə bu hədisi rəvayət etmişdir. Mən əl-Bəranın musnədində olan bütün hədisləri nəzərdən keçirdim, lakin orada bu hədisi tapa bilmədim. əl-Bəranın hədisini yalnız əl-Buxari rəvayət etmişdir. Muslim rəvayət etməmişdir. “əl-Musnəd” əsərində (12128) (3/112, Hələb nəşri) Ənəsdən rəvayət olunan uzun hədisin sonunda “Həqiqətən, İbrahim mənim oğlumdur və döşdən ayrılmadan ölmüşdür. Cənnətdə onun iki süd anası vardır və onu əmizdirməyi tamamlayırlar”. Hədisi bu şəkildə Muslim rəvayət etmişdir (2/213), əl-Buxari rəvayət etməmişdir. (Əhməd Şakir). Peyğəmbərin ﷺ belə deməsinə səbəb oğlu İbrahimin öləndə bir il altı aylıq olması idi. Peyğəmbər ﷺ də: “Həqiqətən, Cənnətdə onu əmizdirən süd anası var”, – demişdir, yəni onun süd əmmə müddətini tamamlayan süd anası var. Bu rəyi əd-Dəraqutninin rəvayət etdiyi hədis daha da gücləndirir. əd-Dəraqutni əl-Heysəm ibn Cəmilin yolu ilə Sufyan ibn Uyeynədən, o da Amr ibn Dinardan, o da İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Yalnız iki yaş ərzində əmizdirmə süd qohumluğu yaradır və süd qohumları ilə evlənməyi haram edir”. (əd-Dəraqutni, 4412; əl-Beyhəqi “Sunənul-Kubra” 15447, 16084, “Sunənus-Suğra” 2247, 2282; İbn Əbu Şeybə “Musannəf” 17333. İbn əl-Qeyyim “Zadul-Məad” əsərində (5/554) səhih olduğunu bildirmişdir). Sonra əd-Dəraqutni demişdir: “Bu hədisi əl-Heysəm ibn Cəmildən başqa heç kəs İbn Uyeynədən Peyğəmbərə ﷺ nisbət olunaraq rəvayət etməmişdir. əl-Heysəm isə etibarlı və hafizəli ravidir”.
Mən deyirəm: “Hədisi İmam Malik “əl-Muvatta” əsərində Səur ibn Zeyddən, o isə İbn Abbasdan Peyğəmbərə ﷺ nisbət edərək rəvayət etmişdir”. (əd-Dəraqutni (səh. 498). Malikin rəvayəti “əl-Muvatta” əsərindədir (səh. 602) “Malik Səur ibn Zeyd əd-Dilidən, o da Abdullah ibn Abbasdan rəvayət edir ki: “İki yaş ərzində hətta bir dəfə də süd içsə belə, süd qohumluğu yaranır və süd qohumları ilə evlənmək haram olur”. Bu hədisin isnadında Səur ilə İbn Abbas arasında əlaqə kəsilir. Həmçinin bu hədis İbn Abbasın sözüdür, Peyğəmbərə gəlib çatmır. Məncə, İbn Kəsirin burada “Peyğəmbərə nisbət edərək rəvayət etmişdir” deməsi səhvən baş vermişdir və ya kitabın nüsxəsini köçürənlər tərəfindən buraxılmış səhvdir. Çünki İbn Kəsir burada əd-Dəraqutninin mərfu isnadı ilə Malikin movquf isnadını ayırmaq məqsədilə belə demişdir. (Əhməd Şakir).
Əbu Davud ət-Tayəlisi Cabirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Süddən kəsildikdən sonra əmizdirmə ilə süd qohumluğu yaranmır, həddi-büluğa çatdıqdan sonra isə yetimlik olmur”. (ət-Tayəlisi “Musnəd” 1876; ət-Tabərani “Mucəmus-Sağir” 952. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1244). Bu hədisin dəlalət etdiyi məna Uca Allahın: “Onun süddən kəsilməsi isə iki il ərzində olur” (“Loğman”, 14) və “Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir” (“əl-Əhqaf”, 15) ayələri ilə daha da aydın olur.
İki yaşdan sonrakı əmizdirmənin evlənməyi haram etməməsi rəyi Əli, İbn Abbas, İbn Məsud, Cabir, Əbu Hureyra, İbn Ömər, Ummu Sələmə, Səid ibn əl-Museyyib, Əta və əksər alimlərdən rəvayət edilir. Həmçinin bu rəy əş-Şafii, Əhməd ibn Hənbəl, İshaq, əs-Sovri, Əbu Yusuf, Muhamməd və bir rəvayətə görə Malikin məzhəbidir. Malik demişdir: “Əgər uşaq iki yaşdan tez süddən kəsilsə, sonra bu uşağı başqa bir qadın əmizdirsə, bu əmizdirmə süd qohumluğu yaratmır və bu qadını uşağa haram etmir. Çünki süddən kəsildikdən sonra bu əmizdirmə uşaq üçün yemək yerindədir”. Bu rəy əl-Əvzaidən də rəvayət edilmişdir. Ömər və Əlinin (Allah onlardan razı olsun) belə dediyi rəvayət edilir ki, “Uşaq süddən kəsildikdən sonra süd qardaşlığı yoxdur”. Ola bilsin, onlar belə deməklə iki ili nəzərdə tutmuşlar. İstər süddən kəsilmiş olsun, istər kəsilməmiş. Əksər alimlərin rəyi belədir. Ola da bilsin ki, İmam Malikin dediyi kimi, əmizdirmənin kəsilməsini nəzərdə tutsunlar.  Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür”, yəni uşağın atasının üzərinə uşağın anasını şəriətə müvafiq qaydada yedirtmək və geyindirmək düşür. Qadının yaşadığı ölkənin yaşayış səviyyəsinə uyğun şəkildə, israfçılığa və xəsisliyə yol vermədən, atanın zəngin, orta səviyyədə və ya kasıb olması nəzərə alınaraq tələb olunur. Uca Allah başqa bir ayədə buyurduğu kimi: “Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir” (“ət-Talaq”, 7). əd-Dahhək demişdir: “Əgər kişi zövcəsini boşayarsa və bu arvaddan uşağı varsa, qadın uşağı onun üçün əmizdirərsə, qadının dolanışığı və geyimi şəriətə müvafiq qaydada atanın üzərinə düşür”.
Uca Allah buyurur: “Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir”, yəni qadın ataya əziyyət vermək məqsədilə uşağı özündən ayırıb saxlamaq üçün ataya verməməlidir. Qadın uşağı dünyaya gətirdikdən sonra onu öz südü ilə əmizdirmədən atasına verə bilməz. Çünki uşaq dünyaya gəldikdən sonra həyatda qalması üçün çox vaxt ana südünə ehtiyac duyur. Bundan sonra (uşağın həyatda qalacağı qədər süd verdikdən sonra) istəsə, uşağı atasına verə bilər. Lakin uşağı ataya verməkdə məqsədi ataya zərər vermək olarsa, bu halda uşağı ataya vermək qadına halal deyil. Eynilə kişiyə də qadına zərər vermək məqsədilə uşağı ondan alması halal deyil. Bu səbəbdən Uca Allah: “nə də ataya öz övladına görə zərər verilməməlidir”, – buyurur. Yəni kişi də qadına zərər vermək məqsədilə uşağı ondan almamalıdır. Mucahid, Qatədə, əd-Dahhək və başqaları belə demişlər.
Uca Allah buyurur: “Bu vəzifə eynilə varisin üzərinə düşür”, yəni qohumlarına zərər verməmək vəzifəsi varisin də üzərinə düşür. Mucahid, əş-Şabi və əd-Dahhək belə demişlər. Bəzi təfsirçilər demişlər: “Yəni uşağın atasının üzərinə uşağın anasına malından xərcləmək, onun haqlarını qorumaq və ona zərər verməmək vəzifəsi düşdüyü kimi, varisin də üzərinə düşür”. Bu, əksər alimlərin rəyidir.
Uca Allah buyurur: “Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz”, yəni uşağın ata və anası iki yaşdan tez uşağı süddən kəsmək barədə razılığa gəlsələr və bunda uşaq üçün fayda görsələr və bu məsələdə məsləhət edərək yekdil rəyə gəlsələr, belə etmələrində onlar üçün bir günah yoxdur. Buradan aydın olur ki, ana-atadan birinin bu fikirdə olması kifayət etmir. Ana-atadan birinin digəri ilə məsləhət etmədən bu məsələdə özbaşına davranması icazəli deyil. Bu rəyi əs-Sovri və başqaları demişlər. Sözsüz ki, bunda uşaqla ehtiyatlı davranma və uşağın işlərini düşünmə var ki, bu da Allahın qullarına bir rəhmətidir. Belə ki Uca Allah ana-atanı uşaqların tərbiyəsində qəyyum təyin etmiş və onları həm özləri üçün, həm uşaqları üçün xeyirli olan yola yönəltmişdir. Necə ki “ət-Talaq” surəsində Uca Allah buyurur: “Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin” (“ət-Talaq”, 6).
Uca Allah buyurur: “Əgər siz uşaqlarınızı əmizdirmək üçün süd anasına vermək istəyirsinizsə, bu zaman süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz”, yəni əgər ana və ya uşaqda olan hər hansı üzrlü bir səbəbdən dolayı uşağın anadan alınmasında ata və ana öz aralarında razılığa gələrlərsə, bu onlar üçün günah sayılmaz. Bu halda ananın uşağı təhvil verməsində, atanın da əvvəlki zəhmətinə görə qadının haqqını gözəl şəkildə vermək şərtilə uşağı qəbul etməsində heç bir günah yoxdur. Bundan sonra ata uşağını şəriətə müvafiq qaydada ödəniş etməklə başqa qadına əmizdirməyə verməlidir. Bir çoxları belə demişlər.
Uca Allah buyurur: Hər bir halda “Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür”, yəni olduğunuz hər bir haldan və dediyiniz hər bir sözdən xəbərdardır və heç bir şey Allaha gizli qalmaz.
əl-Bəqərə, 234
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
234. Sizlərdən ölənlərin qoyub-getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz.
Allah nə etdiklərinizdən xəbərdardır.

 
Bu ayədə Uca Allah ərləri ölən qadınlara dörd ay on gün iddə gözləməyi əmr edir. Bu hökm alimlərin icması (yekdil rəyi) ilə həm nikahdan sonra yaxınlıq edilmiş, həm də yaxınlıq edilməmiş qadınlara şamil edilir. Bu rəyin əsaslandığı dəlil Quran ayəsinin ümumi mənasıdır. Həmçinin İmam Əhməd və “Sunən” əsərinin müəlliflərinin rəvayət etdiyi, ət-Tirmizinin səhih gördüyü bu hədis də buna dəlalət edir. Hədisdə deyilir ki, İbn Məsuddan (Allah ondan razı olsun) bir qadınla evlənən, sonra onunla yaxınlıq etmədən və ona bir mehr (başlıq) təyin etmədən ölən kişi barədə soruşdular və bu məsələdə dəfələrlə onun yanına gəldilər. İbn Məsud dedi: “Bu məsələdə öz fikirimi deyəcəm, doğru olsa, Allahdandır, səhv olsa, məndən və şeytandandır. Əgər səhv edərəmsə, Allah və Onun Elçisi ﷺ mənim verəcəyim bu hökmdən uzaqdır. Qadına tam olaraq mehr düşür”. Hədisin başqa bir rəvayətində isə belə demişdir: “Adətən, onun kimi qadınlara verilən mehr azaldılmadan və artırılmadan həmin qadının haqqıdır. Üstəlik, qadın iddə gözləməli və mirasdan ona çatan pay verilməlidir”. Məqil ibn Sinən əl-Əşcai qalxıb dedi: “Mən Peyğəmbərin ﷺ Bərvə bint Vaşiq barədə bu hökmü verdiyini eşitmişəm”. Abdullah ibn Məsud buna çox sevindi”. (Bu hədis bir çox isnadlarla müxtəlif cür rəvayət olunsa da, mənası eynidir. Hədisi Əhməd “əl-Musnəd” əsərində (4099, 4100, 4276, 4278). İbn Məsudda gələn hədislər bölümündə rəvayət etmişdir. Həmçinin Məqil ibn Sinanın hədislərində də rəvayət etmişdir. Bundan başqa, hədisi Əbu Davud (2114–2116), ət-Tirmizi (2/196), ən-Nəsəi (2/89-113), İbn Məca (1891), əl-Hakim (2/180-181) rəvayət etmişlər. əl-Hakim tam şəkildə gələn rəvayətin Muslimin şərtinə görə səhih olduğunu, qısa şəkildə gələn rəvayətin isə əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. Bax: “əl-Muntəqa” (3566). Məqil ibn Sinan əl-Əşcəi tanınmış səhabədir. Lakin əlyazmada və çap olunmuş nüsxədə Məqil ibn Yəsar əl-Əşcəi yazılmışdır. Bu isə açıq-aşkar səhvdir və hədisin rəvayətlərinə müxalifdir. Həmçinin Məqil ibn Yəsar başqa bir səhabədir və onun nəsəbi əl-Muzənidir, əl-Əşcəi deyil. (Əhməd Şakir). Əbu Davud, 2116; əl-Hakim, 2738; ən-Nəsəi “Sunən” 5520. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3207). Lakin hamilə ikən əri ölən qadınlar bu hökmə daxil deyil, çünki Uca Allahın “Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir” ayəsinə əsasən hamilə qadınların iddəsi (gözləmə müddəti) kişi vəfat etdikdən az bir müddət keçmiş olsa belə, hamiləlik bitənə qədərdir. İbn Abbas (Allah ondan razı olsun) isə bu iki ayəni cəm edərək demişdir ki, əri ölən hamilə qadının iddəsi – hamiləliyin bitməsi ilə dörd ay on gün arasında olan iki müddətdən daha uzun olanıdır. Əgər əl-Buxari və Muslimin Subeyə əl-Əsləmidən bir neçə şəkildə rəvayət etdikləri hədis olmasaydı, əlbəttə ki, İbn Abbasın (Allah ondan razı olsun) məsələyə bu cür yanaşması yaxşı və tutduğu yol güclü olardı. (Hədis belədir: “Subeyə, Bənu Amir ibn Luey qəbiləsindən olan və Bədr döyüşündə iştirak edən Səad ibn Xovlə ilə nikahda idi. Səad vida həccində vəfat etdiyi vaxt zövcəsi Subeyə hamilə idi və çox keçmədən (başqa bir rəvayətdə: “qırx gündən sonra”) doğdu. Nifas müddəti bitdikdən sonra onu almağa gələcək elçilər üçün bəzəndi. Yanına Bəni Əbd əd-Dar qəbiləsindən olan Əbu əs-Sənəbil ibn Bəkak daxil olduqda onu bəzənmiş görüb dedi: “Bu nədi, səni bəzənmiş görürəm. Yəqin ki, ərə getməyə hazırlaşırsan? Allaha and olsun ki, dörd ay on gün keçməmiş ərə gedə bilməzsən!” Sübeyə dedi: “Bunu mənə dedikdə gecə ikən bəzəndiyim paltarları çıxartdım və Peyğəmbərin yanına gələrək ondan bu haqda soruşdum. Peyğəmbər mənə doğduğum andan etibarən ərə gedə biləcəyimi bildirdi və mənə uyğun bildiyim kişiyə ərə getməyimi söylədı”. Bu Muslimin rəvayətidir. Əhməd Şakir demişdir: “Bu barədə daha ətraflı Allahın izni ilə “ət-Talaq” surəsinin 4-cü ayəsində danışılacaq”).
Uca Allah buyurur: “Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır”. Buradan aydın olur ki, əri vəfat edən qadına iddə müddəti qədər yas tutmaq vacibdir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ummu Həbibə və möminlərin anası Zeynəb bint Cəhşdən (Allah onlardan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Allaha və Axirət gününə iman gətirmiş qadına ölmüş bir kimsə üçün üç gündən artıq yas saxlamaq halal deyildir. Yalnız əri üçün dörd ay on gün (yas saxlaya bilər)”. (əl-Buxari, 1201, 4918, 5334; Muslim, 2730, 3798). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət edilən başqa bir hədisdə göstərilir ki, (bir dəfə) bir qadın Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, qızımın əri ölüb. İndi isə gözləri ağrıyır, onun gözünə sürmə çəkə bilərəmmi?” Peyğəmbər ﷺ dedi: “Xeyr”. Qadın bunu iki və ya üç dəfə təkrar etdi. Peyğəmbər ﷺ də hər dəfə: “Xeyr”, – dedi. Sonra Peyğəmbər ﷺ dedi: “Yox, dörd ay on gün keçənədək (sürmədən istifadə etməməlidir). Yadınızdadırsa, cahiliyyə dövründə biriniz dul qaldıqda bir il yas tutardı”. (əl-Buxari, 4920, 5336; Muslim, 2732, 3800).
Bir çox alimlər hədisə əsaslanaraq bu ayənin özündən sonra gələn Uca Allahın “Allah sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kəslərin zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını tövsiyə edir. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir” (“əl-Bəqərə”, 240) ayəsini nəsx etdiyini demişlər. Bu rəy İbn Abbasa (Allah ondan razı olsun) və digərlərinə aiddir. Lakin bu məsələyə bir daha nəzər yetirmək lazımdır. İrəlidə bu məsələyə təkrar toxunulacaq.
Burada yas tutmaq dedikdə ətir vurmaq, zinət əşyaları taxmaq, gözəl paltar geyinmək və sair bu kimi əri cəlb edən şeyləri tərk etmək nəzərdə tutulur. Alimlər arasında yekdil rəylə əri ölmüş qadına iddə müddətində bu şeyləri tərk etmək vacibdir. (Əri ölmüş qadın dörd ay on gün gözləmə müddətini ərinin evində qalmalıdır və yalnız zəruri hallarda çıxa bilər. Bu müddət ərzində qadın bəzənib ətirlənə bilməz. Lakin yuyuna, qüsl edə və darana bilər. Həmçinin çölə çıxarkən qara geyinməsi də şərt deyil). Raci (qaytarmaq imkanı olan) talaqda isə vacib deyil. Lakin bəin  talaqda (üçüncü talaqdan sonra) qadına iddə müddəti əsnasında bu şeyləri tərk etməyin vacib olub-olmamasında iki rəy var.  Ayənin hökmü ümumi olduğu üçün əri ölən qadınların hamısına yas tutmaq vacibdir. Fərq etməz, istər cavan, istər yaşlı (heyzdən kəsilmiş), istər azad, istər kölə, istər müsəlman, istərsə də kafir olsun. əs-Sovri, Əbu Hənifə və davamçıları isə demişlər: “Kafir qadının əri ölərsə, yas tutmur”.
Uca Allah buyurur: “Onların gözləmə müddəti bitərkən”, yəni iddələri bitərkən; “özləri barədə etdikləri işə görə”, yəni iddəsi bitmiş qadınların özləri barədə etdikləri işə görə bir günah yoxdur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Boşanmış və ya əri ölmüş bir qadının iddəsi bitdikdən sonra ərə getmək üçün bəzənməsində bir günah yoxdur. Ayədə “şəriətə müvafiq qaydada” dedikdə bu nəzərdə tutulur”. əz-Zuhri Uca Allahın “Sizə günah sayılmaz” sözünün təfsirində demişdir: “Yəni qadının vəlilərinə (himayədarlarına) günah sayılmaz”.
əl-Bəqərə, 235
وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنْتُمْ فِي أَنْفُسِكُمْ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَنْ تَقُولُوا قَوْلًا مَعْرُوفًا وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّى يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنْفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
235. Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Həlimdir!

 
Uca Allah bu ayədə buyurur ki, ərləri öldüyü üçün iddə gözləyən qadınlarla evlənmək istədikdə birbaşa deyil, eyham etməklə bunu onlara bildirməyinizdə “sizə heç bir günah yoxdur”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə elçi göndərmək istəyini işarə ilə bildirmək dedikdə kişinin qadına: “Mən evlənmək istəyirəm. Evlənmək istədiyim qadının belə-belə xüsusiyyətlərə malik olmasını istərdim”, – deyərək gözəl şəkildə qadına onunla evlənmək istədiyini sözlə eyham etməsi nəzərdə tutulur”. Başqa bir rəvayətdə isə: “Allah istəsə, səndən başqa bir qadınla evlənmək istəmərəm. Əməlisaleh bir qadın tapmaq istəyirəm”, – deyir və qadının gözləmə müddəti ərzində istəyini açıq-aşkar ifadə etmir”. Mucahid, Tavus, İkrimə, Səid ibn Cubeyr və bir çox sələf alimləri əri ölən qadınlara evlənmək istəyini birbaşa deyil, eyham etməklə bildirməyin icazəli olduğunu demişlər. Həmçinin üç talaqla boşanan qadınlara da iddə gözlədikləri müddətdə evlənməyi eyhamla bildirmək icazəlidir. Necə ki Əbu Amr ibn Hafs arvadı Fatimə bint Qeysi üç talaqla boşadıqdan sonra Peyğəmbər ﷺ Fatimə bint Qeysə iddə müddətini İbn Ummu Məktumun evində gözləməsini əmr etdi və ona: “İddən bitdikdə mənə xəbər ver”, – demişdir. Fatimənin iddəsi bitdikdən sonra Peyğəmbər ﷺ onu azad etdiyi köləsi Usamə ibn Zeydə istədi və Fatiməni onunla evləndirdi. (Muslim, 2709, 3770). Raci talaq (qaytarma haqqı olan boşanma) ilə boşanan qadına gəlincə, ərindən başqasının onunla evlənmək istədiyini, nə eyhamla, nə də birbaşa bildirməsi icazəli deyil və bu məsələdə alimlər arasında heç bir ixtilaf yoxdur.
Uca Allah buyurur: “və ya ürəyinizdə gizlətməkdə”, yəni onlarla evlənmək istəyini qəlbinizdə saxlamaqda sizə bir günah yoxdur. Bu, Uca Allahın: “Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir” (“əl-Qasas”, 69) və “Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm” (“əl-Mumtəhinə”, 1) ayələri kimidir. Bu səbəbdən Uca Allah ayənin ardında: “Allah bilir ki, siz onları xatırlayacaqsınız”, – buyurur. Yəni Allah bilir ki, siz onları ürəyinizdə xatırlayacaqsınız. Bu səbəbdən sizin üzərinizdən çətinliyi qaldırmışdır. Sonra Uca Allah buyurur: “Lakin onlarla gizlicə vədələşməyin”, yəni zina etməyin. əl-Həsən əl-Bəsri, ən-Nəxai, Qatədə, əd-Dahhək və başqaları belə demişlər: əl-Əuvfinin İbn Abbasdan (Allah ondan razı olsun) etdiyi rəvayəti də bu mənadadır. İbn Cərir bu fikri seçmişdir. Əli ibn Əbu Talha rəvayət edir ki, Əbu Abbas bu ayə barəsində demişdir: “Yəni qadına: “Mən sənə aşiq olmuşam, məndən başqası ilə evlənməyəcəyinə mənə söz ver” kimi sözlər demə!” Həmçinin Səid ibn Cubeyr, əş-Şabi, Mucahid və digərlərindən də rəvayət edilmişdir ki, onlar ayəni kişinin qadından başqası ilə evlənməyəcəyi barədə əhd alması kimi təfsir etmişlər. İbn Zeyd demişdir: “Qadınlarla gizlincə vədələşmə qadının iddəsi əsnasında gizlicə onunla evlənib, iddə bitdikdən sonra isə bu evliliyi aşkar etməkdir”. Ayənin ümumi olub, bütün bu qeyd olunanların hamısını əhatə etməsi də mümkündür. Bu səbəbdən Uca  Allah: “onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin”, – buyurur. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr demişlər: “Uca Allah bununla, əvvəl qeyd etdiyi kimi, qadına evlənmək istəyini “Mən sənin kimi qadın istərdim” və s. buna bənzər sözlər deməklə, şəriətin icazə verdiyi qaydada işarə etməyi nəzərdə tutur”.
Uca Allah buyurur: “Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin”, yəni gözləmə müddəti başa çatmayınca nikah bağlamayın. Bu təfsir İbn Abbas, Mucahid, əş-Şabi, Qatədə və digərlərinə aiddir. Alimlər yekdil rəylə icma etmişlər ki, gözləmə müddəti əsnasında bağlanan nikah batil sayılır.
Uca Allah buyurur: “Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun!” Uca Allah bununla qadınlar barədə qəlbdən keçən şeylərə görə qullarını qorxudur və onlara qəlblərindən qadınlara qarşı şər deyil, xeyir keçirtməyi buyurur. Sonra Uca Allah qullarını Öz rəhmətindən və lütfündən ümidsiz qoymayaraq: “Bilin ki, Allah Bağışlayandır, Həlimdir!” – buyurur.
əl-Bəqərə, 236
لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ
236. Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur.

 
Uca Allah bu ayədə kişiyə bir qadınla nikah bağladıqdan sonra onunla yaxınlıq etmədən boşamağa icazə vermişdir. İbn Abbas (Allah ondan razı olsun) və başqaları demişlər: “Ayədəالْمَسُّ  [əl-məss] “yaxınlıq etmək” dedikdə cinsi əlaqədə olmaq nəzərdə tutulur”. Kişi nikah bağladığı qadınla cinsi əlaqədə olmamışdan əvvəl onu boşaması icazəlidir. Bu vəziyyətdə əgər qadına mehr təyin edilməmişsə, ona müvafiq qaydada pay verilir. Çünki yaxınlıq etməzdən əvvəl qadını boşamaq onun qəlbinin qırılmasına səbəb olur. Bu səbəbdən Uca Allah kişiyə əmr etmişdir ki, qadına bir növ itirdiyinin qarşılığı olaraq – varlı öz imkanına, kasıb da öz imkanına görə bir pay versin. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Boşanan qadının faydalanması üçün ona verilən payın ən üstünü qadına bir xidmətçi verməkdir. Bundan aşağı olan gümüş, bundan daha aşağı olan isə ona paltar verməkdir”. Rəvayət edilir ki, əl-Həsən ibn Əli (Allah ondan razı olsun) boşadığı qadına on min (dirhəm) vermişdir və qadınlardan biri demişdir:
 
Ayrılan bir sevgilidən nə az bir pay
 
Boşanan qadına talaq haqqı ayrılmasının hər boşanan qadına aid olması, yoxsa mehr təyin edilməmiş və yaxınlıq edilməmiş qadınlara aid olması barəsində alimlər ixtilaf etmişlər. Bu məsələdə bir neçə rəy var:
Birinci rəy: Talaq haqqı bütün boşanan qadınlara vacibdir. Dəlil isə Uca Allahın: “Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə pay ayırmaq lazımdır. Bu, müttəqilər üçün bir borcdur” (“əl-Bəqərə”, 241) və “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizi dünya malı ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım” (“əl-Əhzab”, 28) ayələrinin ümumi mənasıdır. İkinci ayə Peyğəmbərin ﷺ zövcələri barədədir. Onların hamısı mehr təyin edilmiş və yaxınlıq edilmiş qadınlar idi. Bu rəy Səid ibn Cubeyr və əl-Həsən əl-Basriyə aiddir. Eyni zamanda əş-Şafiinin iki rəyindən biridir. Bəziləri bu rəyin əş-Şafiinin yeni və səhih rəyi olduğunu demişlər. Ən doğrusunu Allah bilir.
İkinci rəy: Talaq haqqı mehr təyin edilmiş olsa belə, yalnız yaxınlıq edilmədən boşanan qadınlara vacibdir. Dəlil isə Uca Allahın: “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara talaq haqlarını verin və gözəl tərzdə sərbəst buraxın” (“əl-Əhzab”, 49) ayəsidir.  Səid ibn əl-Museyyib demişdir: “əl-Əhzab” surəsindəki bu ayə (49-cu ayə) “əl-Bəqərə” surəsindəki bu ayənin (236-cı ayəni) hökmünü ləğv etmişdir”.
əl-Buxari “Səhih” əsərində Səhl ibn Sad və Əbu Useydin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Umeymə bint Şərahillə evləndi. Umeymə Peyğəmbərin ﷺ yanına daxil edildikdə Peyğəmbər ﷺ əlini ona uzatdı, o isə bundan xoşlanmadı. Onda Peyğəmbər ﷺ Əbu Useydə əmr etdi ki, qızı evinə yola salmaq üçün hazırlasın və ona iki mavi bəzəkli ağ paltar versin”. (Umeymə bint ən-Nomən ibn Şərahil – burada o, babasına nisbət olunub. “əl-İsabə” kitabında əl-Buxaridə gələn bu hədisə işarə olunmaqla tərcümeyi-halı keçmişdir. Çap olunmuş nüsxədə “Şərahbil” yazılıb. Bu səhvdir. (Əhməd Şakir). əl-Buxari, 4853, 5256).
Üçüncü rəy: Talaq haqqı yalnız yaxınlıq edilməmiş və mehr təyin edilməmiş boşanan qadınlara vacibdir. Əgər boşanmadan əvvəl qadınla yaxınlıq edilibsə, lakin mehr təyin edilməmişsə, bu zaman qadına, adətən, onun kimisinə verilən mehr düşür. Əgər mehr təyin edilmiş və yaxınlıq etməzdən əvvəl boşamışsa, bu zaman təyin edilən mehrin yarısı, əgər yaxınlıq etmişsə, təyin edilən mehrin hamısı qadına verilməlidir. Bu (mehr), talaq haqqını əvəz edir. Talaq haqqına layiq olan qadın yaxınlıq edilməmiş və mehr müəyyən edilməmiş qadınlardır. Talaq haqqının vacib olduğunu bildirən bu ayənin dəlalət etdiyi məna da budur. Bu, İbn Ömər və Mucahidin rəyidir.
Bəzi alimlər talaq haqqının yaxınlıq olmamış və mehr təyin edilməmiş boşanan qadınlardan başqa digər boşanan qadınlara verilməsinin müstəhəb (bəyənilən) olduğunu demişlər. Bu, inkar edilməyən bir rəydir. əl-Əhzab surəsindəki ayədə nəzərdə tutulan seçim də məhz buna aid edilir. Bu səbəbdən Uca Allah burada buyurur: “Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin”. Başqa bir ayədə isə buyurur: “Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə pay ayırmaq lazımdır. Bu, müttəqilər üçün bir borcdur” (“əl-Bəqərə”, 241).
Bəzi alimlər isə demişlər: “Talaq haqqı ümumən (bütün boşanan qadınlara) müstəhəbdir”. İbn Əbu Hatim Əbu İshaqdan rəvayət etmişdir ki, bir dəfə əş-Şabidən talaq haqqını verməyən kişi barədə soruşdular. Buna görə kişi həbs edilirmi? əş-Şabi Uca Allahın “Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin” ayəsini oxudu və dedi: “Allaha and olsun ki, talaq haqqı vermədiyinə görə əri həbs edən bir kəsi görmədim. Allaha and olsun ki, əgər vacib olsaydı, qazilər (hakimlər) buna görə ərləri həbs edərdilər”. (İbn Əbu Hatim, 2352).  
əl-Bəqərə, 237
وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَى وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
237. Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.

 
Bu ayə talaq haqqının əvvəlki ayədə qeyd olunan boşanan qadınlara (yaxınlıq edilməmiş və mehr təyin edilməmiş) xas olduğuna dəlalət edir. Belə ki bu ayədə Uca Allah mehr təyin edildikdən sonra yaxınlıq edilmədən əvvəl boşanan qadınlara təyin edilmiş mehrin yarısını verməyi vacib buyurmuşdur. Əgər bu veriləndən əlavə talaq haqqı da vacib olsaydı, Uca Allah bu ayədə bildirərdi. Ələlxüsus bu ayə talaq haqqı qeyd olunan əvvəlki ayə ilə yanaşı gəlmişdir. Ən doğrusunu Allah bilir.
Bu halda (mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl boşadıqda) mehrin yarısının boşanan qadına verilməsi alimlər arasında yekdil rəydir və bu məsələdə aralarında heç bir fikir ayrılığı yoxdur. Ər qadına mehr təyin etdikdən sonra onunla yaxınlıq etməzdən əvvəl ayrılmışsa, təyin etdiyi mehrin yarısını qadına vermək vacibdir. Lakin üç imama görə (Əbu Hənifə, əş-Şafii və Əhmədə görə) əgər kişi qadınla xəlvətdə qalmışsa, yaxınlıq etməsə belə, mehrin hamısını verməsi vacibdir. İmam əş-Şafiinin köhnə rəyi də belədir. Raşidi Xəlifələr (Əbu Bəkr, Ömər, Osman və Əli) də belə hökm vermişlər. Lakin əş-Şafii rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bir qadınla evlənən, sonra onunla xəlvətdə qalıb yaxınlıq etmədən boşayan bir kişi barədə demişdir: “Qadına mehrin yarısından başqa heç bir şey düşmür, çünki Uca Allah buyurur: “Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz”. əş-Şafii demişdir: “Mən də bu rəyi deyirəm. Quranın ayələrindən görünən də budur”.
Uca Allah buyurur: “Qadınların bunu ərlərinə bağışlaması”, yəni ərindən mehrin yarısını almağa haqqı çatan, ərinə isə ondan heç nə çatmayan qadınların özlərinə çatan payın ərlərinə bağışlaması istisnadır. İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: “Yəni əgər bakirə qız ona çatan paydan imtina edib, ərinə bağışlayarsa, bu hal istisnadır”. Şureyh, Səid ibn əl-Museyyib, İkrimə, Mucahid, Qatədə və başqalarından da buna bənzər rəvayətlər nəql edilmişdir.
Uca Allah buyurur: “və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır”. İbn Əbu Hatim demişdir: “İbn Ləhiədən rəvayət edilir ki, o, Amr ibn Şueybdən, o da atasından (Şueyb ibn Muhəmməddən), o da Amrın babasından (Abdullah ibn Amr ibn əl-Asdan) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Nikah müqaviləsi əlində olan ərdir”. (əd-Dəraqutni, 3718, 3762; əl-Beyhəqi “Sunənul-Kubra” 14844. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 1935). Bu hədisi İbn Mərdəveyh Abdullah ibn Ləhiəyə çatan sənədlərlə rəvayət etmişdir. İbn Cərir isə bu hədisi İbn Ləhiədən, o da Amr ibn Şueybdən, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir. Lakin hədisin isnadında: “Atasından (Şueyb ibn Muhəmməddən), o da Amrın babasından (Abdullah ibn Amr ibn əl-Asdan)”, – deməmişdir. (əl-Beyhəqi belə qeyd etmişdir (7/250–251). İbn Əbu Hatimin etdiyi kimi, İbn Əbu Ləhiənin rəvayəti muəlləq rəvayətdir. ət-Tabərinin rəvayətində isə ravilər arasında bağlılıq yoxdur (5355). Beləliklə, hədis hər bir halda zəifdir. (Əhməd Şakir). Ən doğrusunu Allah bilir.
İbn Əbu Hatim Şureyhin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əli ibn Əbu Talib məndən nikah müqaviləsi olan kəs barədə soruşdu. Mən ona: “O, qadının vəlisidir (himayədarıdır)”, – dedim. Əli dedi: “Xeyr, o ərdir”. (Hədisin isnadı səhihdir. (Əhməd Şakir). əd-Dəraqutni, 3713, 3757; əl-Beyhəqi “Sunənul-Kubra” 14223, 14835. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 6/355). Sonra İbn Əbu Hatim Səid ibn əl-Museyyeb, Səid ibn Cubeyr, Mucahid, əş-Şabi və başqalarından nikah müqaviləsinin ərin əlində olmasını rəvayət etmişdir.
Mən deyirəm ki, bu rəy əş-Şafiinin iki rəyindən yeni olanıdır. Əbu Hənifə və onun davamçılarının, habelə əs-Sovrinin məzhəbi də belədir. İbn Cərir də bu fikri seçmişdir”. Nikah müqaviləsi əlində olan adamın ər olduğunu deyənlərin istinad etdikləri budur ki, əslində, nikah müqaviləsini təsdiqləmək (imazlayan) və pozmaq ərin əlindədir. Vəli, vəlisi olduğu qadının malından başqasına bir şey verə bilmədiyi kimi, mehrdə də vəziyyət eynidir.
Uca Allah buyurur: “Sizin bağışlamağınız təqvaya daha yaxındır”. İbn Cərir demişdir: “Bəzi alimlər demişlər: “Burada xitab həm kişilərə, həm də qadınlaradır”. Həmçinin rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayə barəsində belə demişdir: “Kişi və qadından təqvaya ən yaxın olanı bağışlayandır”. əş-Şabi və başqalarından da belə rəvayət edilmişdir. Mucahid, əd-Dahhək və başqaları demişlər: “Burada güzəşt dedikdə ya qadının ona düşən mehrin yarısını kişiyə bağışlaması, ya da kişinin mehri (yarısını deyil) tam olaraq verməsidir”. Bu səbəbdən Uca Allah: “Bir-birinizə güzəşt etməyi unutmayın”, – buyurur. Yəni bir-birinizə yaxşılıq etməyi unutmayın”. Bu təfsir Səidə aiddir. əd-Dahhək, Qatədə və əs-Suddi demişlər: “Yəni bir-birinizə yaxşılıq etməkdə laqeyd olmayın”. İbn Mərdəveyh Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İnsanlara çox çətin bir zaman gələcək. Mömin insan əlində olana sıx sarılacaq və yaxşılıq etməyi (güzəşt etməyi) unudacaq. Halbuki Uca Allah: “Bir-birinizə güzəşt etməyi unutmayın”, – buyurur. Şər alverçilər dara düşmüş kəslərdən alış-veriş edərlər. (“Dara düşmüş kəslər” dedikdə, əlində olan malı satmağa məcbur edilmiş və ya borc, müalicə və s. kimi zərurətdən əlində olan malı dəyər-dəyməzinə satan kəslər nəzərdə tutulur. Əgər satan insan məcbur olunmuşsa, bu ticarət haramdır və bağlanan müqavilə batildir. Əgər zərurətdən əlində olan malı dəyər-dəyməzinə satırsa, bu cür ticarət şəriətlə bəyənilməsə də, səhihdir). Halbuki Allah Elçisi ﷺ çətin vəziyyətdə olan adamdan bir şeyi satın almağı (onunla alış-veriş etməyi) və əldə olmayan (malın) alış-verişini qadağan etmişdir. Əgər səndə bir xeyir varsa, onu qardaşına da çatdır, onun həlakına bir həlak da sən qatma! Çünki müsəlman müsəlmanın qardaşıdır, onu kədərləndirməz və onu xeyirdən məhrum etməz”. (İbn Mərdəveyhin sənədində tanımadığım iki ravi var. Hədisi İmam Əhməd “əl-Musnəd” əsərində (937), Əbu Davud (3382) başqa bir isnadla – Bənu Təmim qəbiləsindən olan bir qocanın: “Əli bizə xütbə oxudu... başlığı ilə” mənaca qeyd etmişdir. İsnadı səhihdir. Yalnız hədisi rəvayət edən tabiin məchuldur. (Əhməd Şakir). Əhməd, 937; Əbu Davud, 3384. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 2076; Mişkətul-Məsabih, 2865).
əl-Bəqərə, 238-239
حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَى وَقُومُوا لِلَّهِ قَانِتِينَ * فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
238. Namazları, xüsusilə də orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun.
239. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!

 
Uca Allah bu ayədə namazları vaxtlı-vaxtında yerinə yetirməyi əmr edir. Namazları şərtlərinə, rüknlərinə və vaciblərinə riayət etməklə qılmağı buyurur. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?” O buyurdu: “Namazı vaxtlı-vaxtında qılmaq”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”. Abdullah ibn Məsud dedi: “Bunları mənə Peyğəmbər ﷺ dedi. Əgər soruşsaydım, yenə cavab verərdi”. (əl-Buxari, 496, 527, 5970; Muslim, 122, 264).
Uca Allah bu ayədə namazların içində orta namazı xüsusilə qeyd etmişdir. Sələf və xələf alimləri orta namazın hansı namaz olmasında ixtilaf etmişlər. (ət-Tabəri “orta namaz” mövzusunda çox rəvayətlər gətirmişdir. Digər kitablar bu məsələni belə əhatə etməmişdir. Bu barədə Peyğəmbərdən ﷺ, səhabələrdən və onlardan sonra gələnlərdən rəvayət olunan 113 hədis gətirmişdir. Bu hədislərin hamısının təxricini, Allaha həmd olsun, orada bildirmişik (5/168–266). Sonra ət-Tabəri orta namazın Əsr namazı olmasını üstün görmüşdür. əl-Hafiz İbn Kəsir də burada bu məsələ ilə əlaqəli bir çox rəvayətlər gətirmişdir. Biz bu rəvayətlərdən səhih olanlarını seçib qeyd etməyi münasib gördük. (Əhməd Şakir).
Bəzi alimlər bu namazın Sübh namazı olduğunu demişlər. Bu rəyi Malik “əl-Muvatta” əsərində Əli və İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət etmişdir. ət-Tabəri rəvayət etmişdir ki, Əbu Racə əl-Utaridi demişdir: “Bir dəfə mən İbn Abbasın arxasında Sübh namazını qıldım. İbn Abbas əllərini qaldırıb namazda dua  etdi, (namazdan) sonra belə dedi: “Bu, Allahın bizə qarşısında mütiliklə durmağı əmr edildiyi orta namazdır”. (ət-Tabəri, 5475). Bu hədisdən əvvəl və sonra oxşar hədislər rəvayət etmişdir. Həmçinin, ət-Tahəvi və əl-Beyhəqi də rəvayət etmişlər. (Əhməd Şakir). ət-Tabəri, 5475, 5504). Həmçinin İbn Cərir Əbul-Aliyənin belə dediyini rəvayət etmişdir: “Bəsrədə Abdullah ibn Qeysin arxasında Sübh namazını qıldım. Yanımda duran Peyğəmbərin ﷺ səhabələrindən birinə: “Orta namaz hansıdır?”- deyə soruşdum. O da: “Bu namazdır”, – deyə cavab verdi”. (ət-Tabəri (5480). Hədisin isnadı səhihdir. Abdulah ibn Qeys Əbu Musa əl-Əşaridir. Əbul-Əliyənin soruşduğu səhabənin adı qeyd olunmayıb. Lakin səhabənin məchulluğu rəvayətin səhihliyinə təsir etmir. (Əhməd Şakir). ət-Tabəri, 5480, 5509). Həmçinin rəvayət etmişdir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Orta namaz Sübh namazıdır”. (ət-Tabəri (5483). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 5483, 5512). İbn Əbu Hatim bu rəyi İbn Ömər, Əbu Umamə, Ənəs, Əbul-Aliyə, Mucahid, İkrimə və başqalarından nəql etmişdir. İmam əş-Şafii Uca Allahın: “Allah qarşısında mütiliklə durun” ayəsini dəlil gətirərək orta namazın Sübh namazı olduğunu və qunutun (əlləri açıb dua etmək) da Sübh namazında olduğunu demişdir. Bəzi alimlər demişlər: “Sübh namazı səfərdə qısaldılmaması baxımından orta namazdır. Həmçinin Sübh namazı səfərdə qısaldılan iki dördrükətli namazın (Zöhr və İşa) ortasında yerləşir”. Lakin bu vəsfi Məğrib namazı üçün də demək olar. (Çünki Məğrib namazı da səfərdə qısaldılmır və səfərdə qısaldılan iki namazın (Əsr və İşa) arasında yerləşir). Bəziləri isə demişlər: “Sübh namazı axşam qılınan iki səsli (Məğrib və İşa) və gündüz qılınan iki səssiz (Zöhr və Əsr) namazların arasında olması baxımından orta namazdır”.
Orta namazın Zöhr namazı olduğu da deyilmişdir. Əhməd Zeyd ibn Sabitin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Zöhr namazını günorta vaxtı qılardı. Peyğəmbərin ﷺ səhabələrinə bu namazdan daha çətin gələn bir namaz yox idi. Sonra bu ayə: “Namazları, xüsusilə də orta namazı qoruyun” nazil oldu və Peyğəmbər ﷺ dedi: “Bu namazdan həm əvvəl, həm də sonra iki namaz var!” (Əhməd, 21595, 21635, 21931; Əbu Davud, 411. Hədis səhihdir. Bax; Mişkətul-Məsabih, 637). Bu hədisi Əbu Davud da rəvayət etmişdir. (“əl-Musnəd” (5/183 Hələb çapı), Əbu Davud (411), ət-Tabəri (5459). Həmçinin ət-Tahəvi və əl-Beyhəqi də rəvayət etmişlər. Hədisin isnadları səhihdir. (Əhməd Şakir). İbn Cərir Zeyd ibn Sabitdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Orta namaz Zöhr namazıdır”. (ət-Tabəri hədisi Peyğəmbərdən belə rəvayət etmişdir (5450). Hədisin isnadı səhihdir. Hədisin Peyğəmbərə nisbət olunmasında şübhə var. Çünki hədisi Əhməd “əl-Musnəd” əsərində (5/183, Hələb nəşri), əd-Dərimi (1/75) uzun şəkildə rəvayət etmişlər. Onların rəvayəti hədisin yəqinliklə Zeyd ib Sabitin sözü olduğuna dəlalət edir. Peyğəmbərin sözü deyil. Hədisi müxtəsər rəvayət edən ravi səhv etmişdir. ət-Tabərinin təxricində bunu bildirmişik (Əhməd Şakir). ət-Tabəri, 5450, 5475; Malik, 317, 371, 460; əl-Beyhəqi “Sunənul-Kubra” 1195, 2245. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 636). Orta namazın Zöhr namazı olması müxtəlif rəvayətlərlə İbn Ömər, Əbu Səid və Aişədən (Allah onlardan razı olsun) rəvayət edilmişdir. Bu rəy Urvə ibn əz-Zubeyrin rəyidir və Əbu Hənifədən də rəvayət edilmişdir.
Orta namazın Əsr namazı olduğu da deyilmişdir. ət-Tirmizi və əl-Bəğavi demişlər: “Bu (orta namazın Əsr namazı olması), alim olan səhabələrin əksəriyyətinin və digərlərinin rəyidir”. İbn Abdul-Bərr demişdir: “Bu, hədis əhlinin çoxunun görüşüdür”. əl-Hafiz Əbu Muhəmməd Abdul-Mumin ibn Xələf əd-Dimyati özünün “Kəşful-Muğatta fi Təbyinis-Salatil-Vusta” (orta namazın bəyanı) adlı əsərində orta namazın Əsr namazı olduğunu qətiliklə bildirmiş və bu rəyi Ömər, Əli, İbn Məsud, Əbu Əyyub, Abdullah ibn Amr, Səmura ibn Cundub, Əbu Hureyra, Əbu Səid, Hafsa, Ummu Həbibə, Ummu Sələmə, İbn Ömər, İbn Abbas və Aişədən (Allah onlardan razı olsun) səhih sənədlərlə rəvayət etmişdir. ən-Nəxai, Zərr ibn Hubeyş, Səid ibn Cubeyr, İbn Sirin, əl-Həsən, Qatədə və başqaları da belə fətva vermişlər. Əhməd ibn Hənbəlin məzhəbi də budur. İbn Munzir demişdir: “Əbu Hənifə, Əbu Yusuf və Muhəmməddən gələn rəvayətlərin səhih olanı da budur. İbn Həbib əl-Maliki də bu fikri seçmişdir. Allah hamısına rəhmət etsin!” Bu rəyin dəlilinə gəlincə, İmam Əhməd Əlidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Əhzab günü (Xəndək döyüşündə) belə dedi: “Bizi orta namazdan – Əsr namazından saxladılar. Allah onların evlərini və qəbirlərini odla doldursun!” Sonra bu namazı Məğrib və İşa namazları arasında qıldı”. (Bu rəvayət “əl-Musnəd” əsərindədir (617–911). Həmçinin Əhməd bir çox isnadlarla rəvayət etmişdir. ət-Tabəri də (5426) “əl-Musnəd” əsərində olan rəvayəti müxtəlif isnadlarla gətirmişdir (5380), (Əhməd Şakir). Muslim, 996, 1457; Əhməd, 911). Hədisi əl-Buxari, Muslim, Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və digər hədis kitablarının müəllifləri müxtəlif yollarla rəvayət etmişlər. Hədisin rəvayət olunduğu yolları qeyd etmək çox uzun olardı. Əhzab (Xəndək döyüşü) günü müşriklərin Peyğəmbəri ﷺ və onun səhabələrini Əsr namazını qılmaqdan saxlamaları barədə gələn hədis bir çox səhabə tərəfindən rəvayət edilmişdir. Burada bunu qeyd etmək uzun sürər. Bu hədisin burada qeyd olunmasında məqsəd bu rəvayətlərdəki orta namazın Əsr namazı olmasıdır. Həmçinin bu hədis Muslimdə İbn Məsud və Bəra ibn Azibdən (Allah onlardan razı olsun) rəvayət edilmişdir. [əl-Hafiz İbn Kəsir bir çox səhabədən buna dəlalət edən çoxlu hədis nəql etmiş, sonra demişdir:] “Bu hədislər bu məsələdə başqa ehtimala yer qoymur və Peyğəmbərin ﷺ bu namazı qorumağı əmr etməsi bu rəyi daha da gücləndirir. İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan səhih hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim Əsr namazını keçirərsə, sanki ailəsini və malını itirmişdir“. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (4545) bir neçə dəfə rəvayət etmişdir. Həmçinin altı “Sunən” əsərinin müəllifləri rəvayət etmişlər. ət-Tabəri (5389) və Abdur-Razzəq “əl-Musannəf” əsərində (1/181 əlyazma) rəvayət etmişlər. Abdur-Razzəq İbn Ömərin orta namazın Əsr namazı olması rəyini də əlavə etmişdir. Hədisin isnadı əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 478–480; Əhməd, 5780, 6177, 6324. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 481). Yenə “Səhih” əsərində Bureydə ibn əl-Huseybdən (Allah ondan razı olsun) rəvayət olunan başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Hava buludlu olduqda Əsr namazını erkən (ilk vaxtında) qılın! Çünki Əsr namazını (üzrsüz səbəbdən) qılmayan kimsənin əməli puç olar”. (Hədisi Əhməd “əl-Musnəd” əsərində (5/361, Hələb nəşri) bir neçə dəfə, İbn Məcə (694) və ət-Tabəri (5495) oxşar mətnlə səhih isnadlarla rəvayət etmişlər. əl-Hafiz İbn Kəsir bu mətnlə olan hədisi “Səhih” əsərinə nisbət etməklə səhlənkarlıq etmişdir. Bu hədisi əl-Buxari rəvayət etmişdir (2/26–53, “Fəthul-Bari”) lakin orada buludlu gündə Əsr namazını erkən qılmaq əmri Bureydənin sözüdür, Peyğəmbərin sözü deyil. Hər iki hədis səhihdir (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 1930; İbn Məcə, 694. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 255. əl-Buxaridə buna oxşar səhih bir rəvayət var. Burada “erkən qılın” sözü Bureydənin sözü olaraq rəvayət edilmişdir. Rəvayət edilir ki, hava buludlu olduğu bir gündə Bureydə (Allah ondan razı olsun) demişdir: “Əsr namazını erkən qılın. Çünki Peyğəmbər ﷺ demişdir: “Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar”. (əl-Buxari, 553).
İmam Əhməd rəvayət etmişdir ki, Aişənin (Allah ondan razı olsun) azad etdiyi kölə Əbu Yunus demişdir: “Bir dəfə Aişə mənə onun üçün Quran kitabını köçürməyi əmr etdi və dedi: “Uca Allahın “Namazları, xüsusilə də orta namazı qoruyun” ayəsinə çatdıqda mənə xəbər ver!” Bu ayəyə çatdıqda ona xəbər verdim. Mənə bu ayəni bu şəkildə yazdırdı: “Namazları – orta namazı və Əsr namazını qoruyun və Allah qarşısında mütiliklə durun”. Sonra belə dedi: “Bunu Peyğəmbərdən ﷺ eşitmişəm”. (Əhməd, 24492, 24953, 25489; Muslim, 998, 1459). Muslim də eynilə bu hədisi rəvayət etmişdir. (“əl-Musnəd” (6/73–178, Hələb nəşri), əl-Muvatta (səh. 138–139), Muslim (1/174-175). Əlavə təxric üçün ət-Tabəriyə bax (5467), (Əhməd Şakir). İbn Cərir Nafidən rəvayət etmişdir ki, bir dəfə Hafsa (Allah ondan razı olsun) kölələrindən birinə onun üçün Quranı köçürməyi əmr etdi və ona: “Uca Allahın “Namazları, xüsusilə də orta namazı qoruyun” ayəsinə çatdıqda saxla, mən sənə bu ayəni Peyğəmbərdən ﷺ eşitdiyim kimi yazdıracam!”- dedi. Kölə bu ayəyə çatdıqda Hafsa ona belə yazmağı əmr etdi: “Namazları – orta namazı və Əsr namazını qoruyun! Allah qarşısında mütiliklə durun”. Nafi demişdir: “Mən (Hafsa üçün yazılmış) o Quran kitabını oxumuşam və orada (“orta namaz” sözündən sonra) “və” bağlayıcısını görmüşəm”. (ət-Tabəri (5462). İbn Kəsir bu hədisdən əvvəl və sonra Aişə və Həfsanın (Allah onlardan razı olsun) hədislərinin digər rəvayətlərini qeyd etmişdir. Təfsilat üçün ət-Tabəriyə bax. (Əhməd Şakir). Əbu Yalə, 7129; Abdur-Razzəq “Musannəf” 2202. Hədis səhihdir. Bax: ət-Tahavi, 1/102). İbn Cərir İbn Abbas və Ubeyd ibn Umeyrdən (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, onlar da bu ayəni belə oxumuşlar. Bu qiraətdə ziddiyyət ondan ibarətdir ki, Əsr namazı “və” bağlayıcısı ilə orta namaz sözünə bağlanmışdır. Halbuki “və” bağlayıcısı bağladığı sözlərin müxtəlif olmasını tələb edir. Bu isə o deməkdir ki, orta namaz Əsr namazı deyil. Bu ziddiyyətə bir neçə formada cavab verilmişdir.
Birinci: Bu rəvayəti hədis kimi götürsək, Əlinin (Allah ondan razı olsun) hədisi (orta namazın Əsr namazı olması barədə) bundan daha səhih, dəlalət baxımından daha aydındır. Həmçinin, ola bilsin, buradakı “və” ədatı bağlayıcı kimi deyil, mənanı gücləndirmək üçün əlavə olunmuşdur. Uca Allahın bu ayələrində olduğu kimi: “Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik” (“əl-Ənam”, 55), “Beləcə Biz İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun” (“əl-Ənam”, 75). Yaxud burada “və” bağlayıcısı isimləri bir-birinə bağlamaq üçün deyil, sifətləri bir-birinə bağlamaq üçün işlənmişdir. Uca Allahın bu ayələrində olduğu kimi: “Lakin o (Muhəmməd), Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur” (“əl-Əhzab”, 40). “Ən Uca Rəbbinin adına təriflər de! O Rəbbin ki hər şeyi yaradıb kamilləşdirdi; O Rəbbin ki hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi, O Rəbbin ki otlağı cücərdib” (“əl-Əla”, 1-4). Quranda buna bənzər nümunələr çoxdur.
Ərəb dilçilərinin şeyxi Sibəveyh bildirmişdir ki, bir nəfərin eyni adamı qəsd edərək: “Qardaşın və dostunun yanından keçdim”, – deməsi icazəlidir. Burada qardaş və dost eyni adamdır. Ən doğrusunu Allah bilir. Lakin əgər bu rəvayət (Hafsanın rəvayəti) Quran kimi nəql olunmuşsa, bu şəkildə qiraət çoxsaylı qarilərdən gəlib çatmamışdır. Quran isə bir nəfərin rəvayət etdiyi hədislə sabit olmur. Bu səbəbdən möminlərin əmiri Osman ibn Affan (Allah ondan razı olsun) bu qiraəti dövründə cəm etdirdiyi Quran kitabına yazdırmamışdır. Qiraətləri hüccət sayılan nə yeddi qiraət sahiblərindən, nə də başqalarından belə bir qiraət sabit olmamışdır. Həmçinin qeyd olunan bu oxunuşun ləğv olunmasına dəlalət edən bu hədis varid olmuşdur. Muslim əl-Bəra ibn Azibin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Əvvəlcə “Namazları, xüsusilə də Əsr namazını qoruyun” ayəsi nazil olmuşdu. Biz onu Peyğəmbərə ﷺ Allah istədiyi qədər belə oxuduq. Sonra Uca Allah bu ayəni nəsx etdi və “Namazları, xüsusilə də orta namazı qoruyun” ayəsini nazil etdi”. Bir kişi əl-Bəradan soruşdu: “Orta namaz Əsr namazıdırmı?” əl-Bəra ibn Azib dedi: “Artıq sənə onun əvvəl necə nazil olduğunu və sonra Allahın onu necə nəsx etdiyini danışdım”. (Muslimin “Səhih”, əsəri (1/175), ət-Tabəri (5438). Hədisin geniş təxrici də oradadır. (Əhməd Şakir). Muslim, 999, 1460; Əhməd, 18673, 18695, 18876). Beləliklə, ayənin bu şəkildə oxunuşu doğru qiraətdir. Bu ayədəki “və” bağlayıcısı bağladığı sözlərin müxtəlif olmasına dəlalət etsə belə, Aişə və Həfsanın (Allah onlardan razı olsun) hədisində gələn qiraəti və onun mənasını ləğv etmişdir. Ən doğrusunu Allah bilir.
Orta namazın Məğrib namazı olduğu da deyilmişdir. İbn Əbu Hatim bu rəyi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Lakin bu rəvayətin isnadı şübhəlidir. Bir rəyə görə isə orta namaz İşa namazıdır. əl-Vahidi öz təfsir kitabında bu rəyi seçmişdir. Bəziləri isə demişlər: “Orta namaz beş vaxt namazdan biridir. Hansı namaz olduğu müəyyənləşməyib. Qədr gecəsinin il, ay və ya Ramazanın son on günündə bilinmədiyi kimi, orta namaz da beş vaxt namaz içində bilinmir”.
Orta namazın beş vaxt namazın cəmi olduğu da deyilmişdir. Bu görüşü İbn Əbu Hatim İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Lakin bu rəvayətin də səhihliyi şübhəlidir. Qəribədir ki, bu görüşü Şeyx Əbu Ömər ibn Abdul-Bərr ən-Nəmri seçmişdir. Əslində, bu böyük bir fəlakətdir. Belə ki o geniş elmə və hifzə sahib ola-ola, nə Quranda, nə hədislərdə, nə də əsərdə bir dəlil olmadan bu rəyi seçmişdir. 
Bəzi alimlər isə əllərindəki dəlillər müxtəlif olduğu, üstün olanı seçə bilmədikləri üçün bu məsələdə dayanmışlar. Beləliklə, bu rəylərin hansının üstün olmasında alimlər arasında yekdil rəy yoxdur. Qeyd etdiyimiz rəylərin hər biri əvvəlkinə nisbətən zəifdir. Münaqişənin məğzi Sübh və Əsr namazlarındadır. Səhih hədisdə isə orta namazın Əsr namazı olduğu sabit olmuşdur və bu rəyin üstün olması müəyyənləşir.
Uca Allah buyurur: “və Allah qarşısında mütiliklə durun”, yəni Allahın hüzurunda müti, zəlil və boyun əyərək dayanın. Uca Allahın bu əmri namazda danışmağı tərk etməyi tələb edir, çünki danışmaq mütiliyə ziddir. Bu səbəbdən Peyğəmbər ﷺ namazda ikən ona salam verən Abdullah ibn Məsudun (Allah ondan razı olsun) salamını almadı və buna görə ondan üzürxahlıq edərək: “Həqiqətən, namaz əsnasında (daha vacib) əməl vardır”, – buyurdu. (Əbu Davud, 924; İbn Məcə, 1019. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 979). Muslimin “Səhih” əsərində rəvayət edilmişdir ki, Peyğəmbər ﷺ namazda ikən danışan Muaviyə ibn əl-Həkəmə belə demişdir: “Bu, namazdır. Onun içində insan danışan sözlərdən heç nə danışmaq olmaz. Namazda yalnız təsbih (Subhən-Allah), təkbir (Allahu Əkbər) və Allahı zikr etmək olar”. (Muslim “Səhih” əsərində (1/151) uzun hədisdə “Namazda yalnız təsbih (Subhən-Allah), təkbir (Allahu Əkbər) etmək olar” ləfzi ilə rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 836, 1227). İmam Əhməd Amr əş-Şeybanidən, Zeyd ibn Ərqamın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Biz Peyğəmbərin ﷺ dövründə namaz əsnasında lazım gəldikdə danışardıq. Uca Allah da bu ayəni nazil etdi: “və Allah qarşısında mütiliklə durun”. Beləliklə də, namazda susmaq bizə əmr olundu”. Hədisi İbn Macədən başqa bütün altı hədis kitablarının müəllifləri və İmam Əhməd rəvayət etmişlər. (“əl-Musnəd” (4/368, Hələb nəşri), ət-Tabəri (5524). Hədisin təxrici oradadır. (Əhməd Şakir). əl-Buxari, 1200, 4534; Muslim, 838; ət-Tirmizi  405).  
Bu hədis bəzi alimlərdə anlaşılmazlıq yaratmışdır. Belə ki onlar namazda danışmağın hələ Məkkə dövründə – müsəlmanlar Mədinəyə hicrət etməmişdən qabaq və Həbəşistana hicrət etdikdən sonra qadağan olunmasını deyirlər. Bunu da əl-Buxarinin “Səhih” əsərində Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədislə əsaslandırmışlar. İbn Məsud (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Biz Həbəşistana hicrət etməmişdən əvvəl namaz qılarkən Peyğəmbərə ﷺ salam verər, o da bizim salamımızı alardı. Mən Həbəşistandan qayıtdıqdan sonra Peyğəmbərə ﷺ salam verdim, lakin o mənim salamımı almadı. Bu mənə çox təsir etdi. O, namazını bitirdikdən sonra dedi: “Mən namazda olduğum üçün sənin salamını almadım. Allah istədiyi zaman Öz hökmlərini ləğv edib yeni hökmlər verir. Bu hökmlərdən biri də namaz əsnasında danışmamaqdır”. (İbn Əbu Şeybə “Musannəf” 4838; ət-Tayəlisi “Musnəd” 242; İbn Səlləm “ən-Nəsix vəl-Mənsux” 25; əl-Beyhəqi “Sunənus-Suğra” 690). İbn Məsud İslamı ilk qəbul edənlərdən olmuş, Həbəşistana hicrət etmiş, sonra da Məkkəyə qayıdıb, oradan Mədinəyə hicrət etmişdir. Uca Allahın “və Allah qarşısında mütiliklə durun” ayəsinin Mədinədə nazil olmasında heç bir ixtilaf yoxdur. Bəzi alimlər deyirlər ki, Zeyd ibn Ərqam “biz namaz əsnasında lazım gələndə danışardıq” dedikdə ümumən danışıq haqqında xəbər vermiş və ayəni özü başa düşdüyü tərzdə namazda danışmağın qadağan olunmasına dəlil gətirmişdir. Daha doğrusunu isə Allah bilir!
Uca Allah buyurur: “Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” Uca Allah əvvəlki ayədə qullarına namazlara davamlı olmağı və namazın qılınma qaydalarına riayət etməyi əmr edib, bunu təkidlə qeyd etdikdən sonra bu ayədə namazı kamil şəkildə qılmağa mane ola bilən halları zikr etmişdir. Bu hal müharibə zamanı döyüşün qızğın getdiyi vaxtdır. Uca Allah buyurur: “Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın”, yəni namazı olduğunuz vəziyyətdə qılın. İstər ayaq üstə olsanız, istər minik üzərində, istər qibləyə yönəlmiş olsanız, istər olmasanız, amma mütləq qılın. Necə ki Malik Nafidən, o da İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, İbn Ömərdən (Allah ondan razı olsun) qorxu namazı soruşulduqda onu izah edər, sonra belə deyərdi: “Əgər qorxu bundan da şiddətli olsa, o zaman namazı ayaq üstə və ya minik üstündə qılın. Fərq etməz, istər qibləyə yönəlmiş, istər yönəlməmiş halda olasız”. Nafi demişdir: “İbn Ömərin bunu Peyğəmbərdən ﷺ rəvayət etdiyini sanıram”. (əl-Buxari, 4171, 4535). Bu hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. Hədisin mətni əl-Buxariyə aiddir. Həmçinin Muslim Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Əgər qorxu daha da şiddətli olsa, namazı minik üzərində və ya ayaq üstə (rüku və səcdəyə) başla işarə edərək qılın”. (Muslim, 1386, 1981). Abdullah ibn Uneys əl-Cuhəninin (Allah ondan razı olsun) hədisində isə rəvayət olunmuşdur ki, Peyğəmbər ﷺ onu Xalid ibn Sufyan əl-Huzəlini öldürmək üçün göndərdikdə Xalid ibn Sufyan Arafat tərəfdə Uranə adlanan yerdə idi. Abdullah ibn Uneys ona tərəf yollandıqda Əsr namazının vaxtı girdi. Abdullah ibn Uneys izah edərək demişdir: “Namazı ötürməkdən qorxdum və başımla işarə edərək (minik üzərində) namazı qıldım”. (Əbu Davud, 1249, 1251; Əhməd, 16091, 16144. Hədis zəifdir). Hədisi uzun şəkildə yaxşı isnadla Əhməd və Əbu Davud rəvayət etmişlər. (“əl-Musnəd” (16114, 16115), Əbu Davud (1249), (Əhməd Şakir). Bu, Allahın qullarına rüsxətidir. Onların ağır yüklərini yüngülləşdirməsi və onları buxovlardan xilas etməsidir.
İmam Əhməd bildirmişdir ki, iki ordu qarşı-qarşıya gəldiyi zaman bəzən qorxu namazını bir rükət də qılmaq olar. Muslim, Əbu Davud, ən-Nəsəi, ibn Məcə və İbn Cəririn İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdikləri bu hədis buna dəlalət edir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah Peyğəmbərinizin ﷺ dili ilə namazı sizə adi halda dörd, səfərdə iki, qorxu halında isə bir rükət olaraq fərz etmişdir”. (“əl-Musnəd” (2177), ət-Tabəri (5569), (Əhməd Şakir). Muslim, 1109–1110, 1607–1608). əl-Həsən əl-Bəsri, Qatədə, əd-Dahhək və başqaları da belə demişlər. İbn Cərir də rəyi belədir.
əl-Buxari bu barədə “Qalada müqavimət göstərərkən və düşmənlə qarşılaşarkən qılınan namaz” adlı bir fəsil ayırmışdır və bu fəslin altında əl-Əvzainin belə dediyini rəvayət etmişdir: “Əgər düşmən üzərində qələbə çalmaq ərəfəsidirsə və namaz qılmağa imkan yoxdursa, hər kəs özü üçün (camaatla deyil) başı ilə işarə edərək namazı qılmaldır. Əgər namazı başla işarə edərək qılmağa imkan yoxdursa, namazı döyüş sakitləşənə və təhlükə sovuşana qədər gecikdirməli, sonra iki rükət qılmalıdırlar. Əgər buna da imkan olmasa, bir rükət və iki səcdə olaraq qılmalıdırlar. Əgər buna da imkan olmasa, təkbir gətirmək kifayət etmədiyi üçün təhlükə sovuşana qədər namazı gecikdirməlidirlər”. Məkhul Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Tustər qalası alınarkən mən də döyüşdə iştirak edirdim. Tustər qalası dan yeri söküləndə mühasirəyə alınmışdı və qalanı mühafizə edənlər müqavimət göstərirdi. Döyüş şiddətləndi və müsəlmanlar namaz qıla bilmədilər. O gün biz namazı yalnız gündüz, günəş yüksəldikdən sonra qıla bildik. Namaz qılarkən Əbu Musa da bizimlə idi və sonra bizə qələbə nəsib oldu”. Ənəs (Allah ondan razı olsun) demişdir: “Dünya və içindəkilər məni o namaz qədər sevindirə bilməz”. (əl-Buxari “Kitəbus-Salətil-Xovf” (Qorxu Namazı Kitabı), 4-cü fəsil).  Hədisin mətni əl-Buxarinindir. (“Fəthul-Bari” (2/361–363) (Əhməd Şakir). Sonra əl-Buxari buna dəlil olaraq Peyğəmbərin ﷺ Xəndək döyüşü günü müharibə səbəbindən Əsr namazını günəş batana qədər gecikdirməsini və səhabələrini Bəni Qureyzə qəbiləsinin üstünə göndərərkən: “Qoy hər kəs əsr namazını ancaq Bəni Qureyzə qəbiləsində qılsın” deməsini gətirmişdir. Peyğəmbər ﷺ onlara bunu dedikdən sonra səhabələrdən bəziləri Əsr namazına yolda yetişdi. Onlar namazı yolda qıldılar və dedilər: “Peyğəmbər ﷺ belə deməklə tələsməyimizi qəsd etmişdir”. Bəziləri isə yolda ikən namaz girməsinə baxmayaraq, namazı günəş batandan sonra Bənu Qureyzə qəbiləsində qıldılar. Sonra bu haqda Peyğəmbərə ﷺ xəbər verdilər və o, (buna görə) onların heç birini qınamadı. (Mənaca yaxın olan hədisi əl-Buxari (2/364, “Fəthul-Bəri”) İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 894, 946). Bu, əl-Buxarinin bu rəyi seçdiyinə dəlalət edər. Əksər alimlər isə bunun əksini demişlər. Onlar Quranın “ən-Nisa” surəsində və hədislərdə varid olan qorxu namazının Xəndək döyüşündə hələ əmr olunmamasına istinad edirdilər. Qorxu namazı bu döyüşdən sonra əmr olunmuşdur. Bu xüsus Əbu Səid və digər səhabələrin hədislərində açıq-aşkar gəlmişdir. Məkhul, əl-Əvzai və əl-Buxari buna cavab olaraq deyirlər: “Qorxu namazının bundan sonra əmr edilməsi bunun icazəli olmasına mane olmur. Çünki bu, nadir və xüsusi vəziyyətdir. Bu və buna bənzər hallarda belə etmək (namazı gecikdirmək) olar. Ömərin (Allah ondan razı olsun) vaxtında Tustər qalasının fəthində səhabənin bunu tətbiq etməsi bizə dəlildir. Bu hadisə hamıya bəlli idi və heç kim bunu onlara irad tutmamışdır. Ən doğrusunu Allah bilir”.
Uca Allah buyurur: “Təhlükə sovuşduqda isə Allahı sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!”- yəni namazları sizə əmr olunduğu kimi, rükusunu, səcdəsini, qiyamını və oturuşunu tam şəkildə yerinə yetirərək xuşu və ayıq başla qılın. Allah sizə nemətlər bəxş etmiş, sizi imana gətirmiş və sizə dünya və Axirətdə faydalı olan şeyləri öyrətmişdir. Bunlara şükür və zikrlə qarşılıq verin. Necə ki Uca Allah qorxu namazını zikr etdikdən sonra belə buyurur: “Təhlükə sizdən sovuşduqda isə namazı lazımi qaydada qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir” (“ən-Nisa”, 103). Qorxu namazı və onun necə qılınması barədə hədislər “ən-Nisa” surəsində Uca Allahın: “Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun...” (“ən-Nisa”, 102) ayəsinin təfsirində gələcəkdir.
əl-Bəqərə, 240-242
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ * وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ * كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
240. Allah sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kəslərin zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını tövsiyə edir. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.
241. Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur.
242. Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə, başa düşəsiniz.

 
Bir çox alimlər bu ayənin hökmünün əvvəl keçən Uca Allahın “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (“əl-Bəqərə”, 234) ayəsi ilə ləğv olunduğunu demişlər. əl-Buxari İbn əz-Zubeyrin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Osman ibn Affandan (Allah ondan razı olsun) soruşdum: “Uca Allahın “Allah sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kəslərin zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını tövsiyə edir” ayəsinin hökmünü başqa bir ayə ləğv etmişdir. Bəs nə üçün bu ayəni tərk etməyib Qurana yazırsan?” O: “Ey qardaşoğlu, mən Qurandan heç bir şeyin yerini dəyişdirmərəm”, – deyə cavab verdi”. (əl-Buxari (8/144, “Fəthul-Bari”), (Əhməd Şakir). əl-Buxari, 4166, 4172, 4530, 4536). İbn Zubeyrin Osmandan (Allah onlardan razı olsun) soruşduğu bu məsələnin mənası budur ki, əgər əri ölmüş qadınların dörd ay on gün gözləmə müddəti barəsindəki ayə (“əl-Bəqərə”, 234) bu ayədəki bir il gözləmə müddətinin hökmünü ləğv etmişsə, hökmü ləğv edilmiş ayənin Quranda saxlamağın hikməti nədir? Bu ayənin hökmünü ləğv edən ayədən sonra onu Quranda saxlamaq o ayənin hökmünün hələ də qalması təsəvvürünü yaradır. Möminlərin əmiri Osman (Allah ondan razı olsun) isə ona cavab verərək bildirmişdir ki, Quranda ayələrin tərtibi tövqifidir (Allahdan gələn bir əmrdir). Mən bu ayəni Quranda onun hökmünü ləğv edən ayədən sonra yazılmış olduğunu gördüm və bu ayəni həmin yerdə də saxladım. (əl-Hafiz İbn Həcər “Fəthul-Bari” kitabında demişdir: “Bu, Quranda ayələrin tərtibi baxımından hökmü ləğv edən ayənin hökmü ləğv olunmuş ayədən əvvəl gəldiyi yerlərdən biridir”. Sonra İbn Həcər Quranda buna bənzər digər yerləri də göstərmişdir. (Əhməd Şakir).  
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allah sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kəslərin zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını tövsiyə edir” ayəsi barədə demişdir: “Əri ölən qadın (ərin qohumları tərəfindən) maddi cəhətdən təmin edilməklə yaşaması üçün ərinin evində bir il qalardı. Miras ayələri bu ayənin hökmünü ləvğ etdi və qadına ərinin qoyduğu mirasdan səkkizdə birini və ya dörddə birini ayırdı”. (İbn Əbu Hatim, 2390). İbn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Ölən kişinin özündən sonra qoyub getdiyi qadın onun evində ərinin malından təmin edilməklə bir il iddə gözləyərdi. Sonra Uca Allah: “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (“əl-Bəqərə”, 234) ayəsini nazil etdi. Bu, əri ölən qadının gözləmə müddətidir. Yalnız hamilə qadın istisnadır. Onun gözləmə müddəti uşağını dünyaya gətirənə qədərdir. Uca Allah: “Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır” (“ən-Nisa”, 12) buyurmaqla qadının mirasını bildirmişdir və bu ayə ilə vəsiyyət etmək və maddi təminat hökmü ləğv edilmişdir”. (İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan bu və əvvəlki rəvayətləri əs-Siyuti “əd-Durrul-Mənsur” kitabında (1/289) bir mətnlə rəvayət etmişdir və hədisi İbn Həcər, İbn əl-Munzir, İbn Əbu Hatim və ən-Nuhhəsin “ən-Nəsix vəl-Mənsux” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 2391; əl-Beyhəqi “Sunənul-Kubra” 15239, 15860).
Uca Allah buyurur: “Allah sizlərdən ölən və özündən sonra zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını tövsiyə edir”, yəni Allah sizə zövcələriniz haqqında belə tövsiyə edir. Necə ki buyurur: “Allah övladlarınız haqqında sizə belə tövsiyə edir” (“ən-Nisa”, 11). Başqa bir ayədə buyurur: “Bunlar Allah tərəfindən bir tövsiyədir” (“ən-Nisa”, 12). Başqa bir rəyə görə, məna belədir: “Onlar barədə vəsiyyət edin!” Bəzi qarilər bu sözü وَصِيَّةٌ  [vasiyyətun] “vəsiyyət etmək” kimi oxumuşlar. Yəni “vəsiyyət etmək sizə vacib edildi”. İbn Cərir də bu təfsiri seçmişdir. Uca Allahın “evlərindən çıxarılmamaq şərtilə baxılmasını tövsiyə edir” ayəsinə görə gözləmə müddəti bitməmiş əri ölən qadınlara ərlərinin evində qalmaq qadağan edilə bilməz. Lakin qadınlar dörd ay on gün gözləmə müddəti və ya hamiləlik bitdikdən sonra ərlərinin evdən çıxıb başqa yerə köçməyi seçsələr, bu onlara qadağan olunmur. Çünki Uca Allah buyurur: “Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz”. Ayənin bu şəkildə başa düşülməsi dil baxımından uyğundur. Bir çox alimlər bu təfsiri seçmişlər. Onlardan biri də İmam Əbul-Abbas İbn Teymiyyə olmuşdur. Başqa bir qrup alimlər isə bu təfsiri qəbul etməmişlər. Onlardan biri də Şeyx Əbu Ömər ibn Abdul-Bərrdir.
Əgər Əta və ona tabe olanlar: “Bu ayənin hökmü miras ayəsi ilə ləğv edilmişdir” deməklə dörd ay on gün müddətdən artığının ləğv olunduğunu nəzərdə tutmuşlarsa, bununla razılaşa bilərik. Lakin qadının dörd ay on gün müddətində ərin evində qalmasının və onun xərclərinin ölünün mirasından qarşılanmasının vacib olmadığını demək istəmişlərsə, bu məsələdə alimlər arasında fikir ayrılığı var. Hər iki rəy İmam əş-Şafiiyə aiddir. İmam Malikin “Muvatta” əsərində rəvayət etdiyi bu hədisi qadının ölmüş ərinin evində saxlanılmasının vacib olduğuna dəlil gətirmişlər. Zeynəb bint Kəb ibn Ucra rəvayət edir ki, Əbu Səid əl-Xudrinin bacısı Fureyə bint Malik ibn Sinan ona xəbər vermişdir ki, bir dəfə o, Peyğəmbərin ﷺ yanına gələrək Bənu Xudra qəbiləsində yerləşən ailəsinin yanına qayıtmaq istədiyini bildirdi. Belə ki onun əri qaçmış qullarının dalınca gedərkən əl-Qudum (Mədinəyə yaxın yer adı) yaxınlığında onlara yetişmiş, qullar da ərini öldürmüşdü. Fureyə dedi: “Buna görə də Peyğəmbərdən ﷺ Bənu Xudra qəbiləsində yerləşən ailəmin yanına geri dönmək üçün izin istədim, çünki ərim gedərkən mənə nə bir ev, nə də xərclik qoymamışdır”. Peyğəmbər ﷺ: “Bəli”, – deyərək (izin verdi). Fureyə dedi: “Mən oradan çıxıb otağa çatar-çatmaz Peyğəmbər ﷺ məni çağırıb və ya çağırtdırıb: “Necə dedin?”– deyərək soruşdu. Mən də ərimlə əlaqədar hadisəni yenidən ona danışdım. Peyğəmbər ﷺ dedi: "Vaxt tamam olana qədər evində qal!” Fureyə dedi: “Mən dörd ay on gün ərimin evində iddə (gözləmə müddəti) keçirdim. Sonra Osman ibn Affanın xilafəti dövründə o mənim yanıma adam göndərib bu haqda soruşdu. Mən ona xəbər verdikdə o, hədisə tabe olub onunla hökm verdi”. (ət-Tirmizi, 1204, 1244; Əbu Davud, 2302. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir). Hədisi Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisə “həsən-səhih” demişdir. (əl-Muvatta (səh. 591). əş-Şafii “ər-Risələ” əsərində (1214) Malikdən rəvayət etmişdir. ət-Tabəri həm müxtəsər, həm də geniş şəkildə (5090, 5589) rəvayət etmişdir. Hədisin təxrici barədə orada danışmışıq. (Əhməd Şakir).
Uca Allah buyurur: “Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir: “Uca Allahın “Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur” (“əl-Bəqərə”, 236) ayəsi nazil olduqda bir kişi: “İstəsəm, yaxşılıq edər, istəsəm, etmərəm”, – dedi. Bu səbəbdən Uca Allah “Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur” ayəsini nazil etdi”. Bəzi alimlər bu ayəni dəlil gətirərək istər nikah bağlanarkən mehr təyin olunmamış olsun, istər təyin olunmuş olsun, istər yaxınlıq edilmədən boşanmış olsun, istər yaxınlıq edildikdən sonra boşanmış olsun, bütün boşanan qadınlara talaq haqqı verilməsinin vacib olduğunu demişlər. Bu rəy əş-Şafiidən rəvayət edilmişdir. Sələflərdən Səid ibn Cubeyr və başqaları da bu rəydə olmuşlar. Həmçinin İbn Cərir də bu fikri seçmişdir. Ümumiyyətlə, talaq haqqının vacib olmadığını deyənlər isə bu ayənin ümumi hökmünün Uca Allahın “Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur” (“əl-Bəqərə”, 236) ayəsi ilə xüsusiləşdiyini demişlər. Birinci rəyin sahibləri isə cavab olaraq demişlər ki, bu ayədə ümumilikdən bir qisim qeyd olunmuşdur. Beləliklə, üstün olana görə, burada xüsusilik yoxdur. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allah Öz ayələrini sizə belə bəyan edir ki, ...”, yəni Allah təfsilata ehtiyacınız olduğu vaxt sizə əmr və qadağan etdiyi hədləri təfsilatsız tərk etməyərək halalı, haramı, vacib olanı belə bəyan edir, açıqlayır və izah edir ki, “bəlkə, başa düşəsiniz”, yəni ümid olunur ki, başa düşüb, anlayasınız. 
əl-Bəqərə, 243-245
أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ * وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ * مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ
243. Minlərlə adam olduqları halda, ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”- dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir.
244. Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!
245. Kim Allaha gözəl bir borc verər ki, O da onun üçün bunu qat-qat artırsın? Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.

 
Vəki ibn əl-Cərrah rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) “Minlərlə adam olduqları halda, ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi?” ayəsi barədə demişdir: “Onlar dörd min nəfər olmuşlar. Taun xəstəliyindən qaçaraq kəndlərindən çıxmış və demişlər: “Biz elə bir diyara gedəcəyik ki, orada ölüm olmasın”. Nəhayət, filan yerə gəlib çatdıqda Allah onlara: “Ölün!”- dedi, onlar da öldülər. Peyğəmbərlərdən biri onların yanından keçərkən Rəbbinə dua etdi ki, onları diriltsin. Allah da onları diriltdi. Uca Allahın “Minlərlə adam olduqları halda, ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”- dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir” ayəsinin mənası da budur”. (əl-Hakim, 3113. əl-Hakim səhih adlandırmışdır). Onların bu dirilişində Qiyamət günü insanların yenidən cismən dirilməsinə açıq-aydın dəlil vardır. Bu səbəbdən Uca Allah buyurur: “Doğrudan da, Allah insanlara qarşı lütfkardır”, yəni insanlara açıq-aydın ayələr və təkzibedilməz dəlillər göstərməklə lütfkarlıq edir; “lakin insanların çoxu buna şükür etmir”, yəni Allahın onlara verdiyi dini və dünyəvi nemətlərin şükrünü yerinə yetirməzlər. Həmçinin bu ibrətamiz hadisə heç bir ehtiyat tədbirinin qədəri dəyişmədiyinə və Allahın əzabından, ancaq Onun Özünə sığınmaqdan başqa çarənin olmadığına dəlildir. Bu insanlar uzun ömür yaşamaq məqsədilə vəbadan qaçaraq məmləkətlərindən çıxmışdılar. Lakin məqsədlərinin əksi ilə rəftar olundular və bir anda onlara ölüm gəldi. İmam Əhmədin Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi bu səhih hədis də bu qəbildəndir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Ömər ibn əl-Xattab Şama getmək üçün yola çıxdı. Sərağ (Tabukda kənd adı) deyilən yerə çatdıqda ordu başçılarından Əbu Ubeydə ibn əl-Cərrah və yoldaşları gələrək Şamda vəba xəstəliyi yayıldığını xəbər verdilər”. Sonra İbn Abbas (Ömərin qayıtmaq qərarı verməsini və bəzi səhabələrin buna görə onu qınamaları barədə) hədisi danışdı və dedi: “Bəzi ehtiyacları səbəbindən onlardan ayrılan Abdur-Rahmən ibn Əuf gələrək: “Mənim bu barədə məlumatım var. Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Əgər bu xəstəlik siz olduğunuz yerdə yayılarsa, ondan qaçıb (canınızı qurtarmaq məqsədilə) oranı tərk etməyin. Belə bir xəstəliyin haradasa olduğunu eşitsəniz, o yerə də getməyin”. Ömər (verdiyi qərar bu hədisə uyğun olduğuna görə) (Çünki bu hədisi eşitməmişdən əvvəl Ömər (Allah ondan razı olsun) geri qayıtmağı qərar vermişdi və bu qərara görə bəzi səhabələr onu qınadı. Abdur-Rahmən ibn Auf gəlib bu hədisi danışdıqdan sonra Ömər verdiyi qərarın Peyğəmbərin ﷺ sünnəsinə uyğun olduğuna görə sevinmişdi). Allaha həmd-səna etdi və qayıtdı”. (Əhməd, 1679, 1683; Muslim, 4114, 5915; ət-Tayəlisi “Musnəd” 200; ət-Tabərani “Mucəmul-Kəbir” 334). Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (Hədis müxtəsər olaraq Malikin yolu ilə “əl-Musnəd” əsərindədir (1683). “əl-Muvatta” əsərində isə uzun hekayət ilə rəvayət olunur (səh. 894–896), (Əhməd Şakir).
Uca Allah buyurur: “Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!”- yəni necə ki ehtiyat tədbiri görmək qədəri dəyişməz, eləcə də cihaddan qaçmaq və ya yayınmaq da əcəli nə yaxınlaşdırar, nə də uzaqlaşdırar. Əcəl qaçılmazdır, ruzi isə bölünmüş və qabaqcadan müəyyən olunmuşdur. Hər kəsin öz payı ayrılmışdır. Nə artırılar, nə də azaldılar. Necə ki Uca Allah buyurur: “Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”- söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!” (“Ali-İmran”, 168). Başqa bir ayədə isə buyurur: “Məgər sən özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”- deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”- dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə Axirət daha xeyirlidir. Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”. Harada olursunuzsa olun, yüksək qalalarda olsanız belə, ölüm sizi haqlayacaq” (“ən-Nisa”, 77–78). Ordular rəhbəri, əsgərlərin öndəri, İslam diyarının himayəçisi və Allahın düşmənlərinə qarşı çəkilmiş qılıncı Əbu Süleyman Xalid ibn Validin (Allah ondan razı olsun) ölüm anında belə dediyi bizə rəvayət edilir: “Filan-filan döyüşlərdə iştirak etdim. Bədən əzalarımdan elə bir əza yoxdur ki, onda ox, nizə və ya qılınc yarası olmasın. Amma indi dəvələr kimi yatağımda uzanmış ölürəm. Görüm  qorxaqların gözünə heç yuxu getməsin!” (əz-Zəməxşəri “Təfsir” 1/431; əd-Dinəvəri “Məcəlisətu və Cəvahirul-İlm” 836. Hədis həsəndir). Bu sözləri ilə o, döyüşdə şəhid olaraq ölmədiyinə görə kədərlənir, buna təəssüf edir və yataqda öldüyünə görə acı çəkirdi.
Uca Allah buyurur: “Kim Allaha gözəl bir borc verər ki, O da onun üçün bunu qat-qat artırsın?” Bu ayə ilə Uca Allah qullarını Allah yolunda mallarını xərcləməyə təşviq edir. Uca Allah bu ayəni müqəddəs Kitabında bir çox yerdə təkrar etmişdir. Ömər və digər sələflərdən edilən rəvayətə görə, Uca Allahın “gözəl bir borc” sözü ilə Allah yolunda mal xərcləmək nəzərdə tutulur. Bəzi təfsir alimləri isə bunu ailəyə xərclənən mal kimi təfsir etmişlər.
Uca Allahın “O da onun üçün bunu qat-qat artırsın?” sözü “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar” (“əl-Bəqərə”, 261) ayəsi kimidir. Bu ayənin təfsiri irəlidə gələcəkdir.
İmam Əhməd Əbu Osman ən-Nəhdinin belə dediyini rəvayət edir: “Bir dəfə mən Əbu Hureyranın yanına gəlib ona dedim: “Mənə çatıb ki, sən bir yaxşılığın min-min qat artırılacağını deyirsən”. Əbu Hureyra dedi: “Burada səni təəccübləndirən nə var ki?! Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Həqiqətən, Allah yaxşılığı iki min dəfə min qat artırar”. (Əhməd, 7932, 7945; əl-Bəzzər “Musnəd” 9525. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 3975). Bu, ğarib bir hədisdir və hədisin sənədindəki Əli ibn Zeyd ibn Cədanın “munkər” (qəbul olumayan) rəvayətləri var. Lakin bu hədisi İbn Əbu Hatim başqa bir şəkildə rəvayət etmişdir. (Hədis “əl-Musnəd” əsərində (7932) və ət-Tabəridə var (9510). Həmçinin Əhməd bu hədisdən daha uzun şəkildə rəvayət etmişdir (10770). “əl-Musnəd” əsərində dəfələrlə qeyd etdiyimiz kimi, Əli ibn Zeyd ibn Cədən etibarlı ravidir. (Əhməd Şakir). ət-Tirmizi və başqaları Amr ibn Dinarın yolu ilə Səlimdən, o da Abdullah ibn Ömər ibn əl-Xattabdan, [o da atasından] bu mənada rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim bazarlardan birinə girərkən “Allahdan başqa [ibadətə layiq olan] məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O diridir və ölməzdir. Xeyir Onun əlindədir və O hər şeyə Qadirdir!” (Transkripsiyası: Lə ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumi:tu və huvə həyyun lə: yəmu:tu, biyədihil-xayru və huvə alə kulli şeyin qadir). dəyərsə, Allah ona min-min (milyon) savab yazar və ondan min-min (milyon) günahı silər və Cənnətdə onun üçün ev tikər”. (ət-Tirmizi, 3428, 3756; əl-Hakim, 1973; İbn Məcə, 2235, 2320. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3139).  
Uca Allah buyurur: “Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar”, yəni siz Allah yolunda xərcləyin və narahat olmayın, çünki ruzi verən Allahdır. O, qullarından istədiyinin ruzisini azaldar, digərlərinin isə artırar. Bu məsələdə böyük hikmət sahibi Odur. “Siz Ona qaytarılacaqsınız”, yəni Qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız.
əl-Bəqərə, 246
أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِنْ بَنِي إِسْرَائِيلَ مِنْ بَعْدِ مُوسَى إِذْ قَالُوا لِنَبِيٍّ لَهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِنْ كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِنْ دِيَارِنَا وَأَبْنَائِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِنْهُمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
246. Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır.

 
Bu hadisə Davudun (ona salam olsun) dövründə baş vermişdir. Davud və Musa (ona salam olsun) arasında min ildən artıq vaxt olmuşdur. Ən doğrusunu isə Allah bilir. [Allah İsrail oğullarından olan o peyğəmbərə vəhy edərək ona İsrail oğullarını Allaha tərəf, Onu ibadətdə təkləşdirməyə çağırmağı əmr etmişdir. O, İsrail oğullarını dəvət etdikdə onlar ondan düşmənləri ilə döyüşmək üçün bir hökmdar təyin olunmasını tələb etdilər. Bu arada hökmdar artıq zühur etmişdi. Peyğəmbər onlara dedi: “Qorxuram, Allah sizə hökmdar təyin etsə, vuruşmayasınız və onunla vuruşmağa görə verdiyiniz əhdi yerinə yetirməyəsiniz”. “Onlar dedilər: “Madam ki biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?”- yəni ölkəmiz əlimizdən alınıb, övladlarımız əsir alınıb, nə üçün Allah yolunda vuruşmayaq? Uca Allah buyurur: “Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır”, yəni vuruşmaq onlara vacib edildikdə verdikləri əhdi yerinə yetirmədilər. Əksinə, əksəriyyəti Allah yolunda döyüşməkdən imtina etdi. Allah o zalımları yaxşı tanıyır.
əl-Bəqərə, 247
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوا أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
247. Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O bizə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

 
Yəni onlar peyğəmbərlərindən aralarından bir hökmdar təyin etməyi istədikdə peyğəmbər onlara Talutu hökmdar təyin etdi. Talut adi əsgərlərdən biri idi, hökmdar ailəsindən deyildi. Onlara görə isə hökmdarlıq Yahuda qəbiləsinə aid idi və Talut da bu qəbilədən deyildi. Bu səbəbdən dedilər: “O bizə necə hökmdar ola bilər ki”, yəni o bizə necə hökmdarlıq edə bilər ki; “biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”, yəni bundan başqa o həm də kasıbdır, hökmdarlıq etməyə mal-dövləti yoxdur.
Onların bu davranışı peyğəmbərlərinə etiraz və kobudluq idi. Halbuki onlar peyğəmbərə itaət edib və onunla gözəl rəftar etməli idilər. Peyğəmbərləri onlara cavab verərək belə dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi”, yəni Allah onu aranızdan sizin üçün seçmişdir və Allah onu sizdən daha yaxşı tanıyır. Mən onu öz istəyimlə təyin etməmişəm. Siz məndən bunu tələb etdiyiniz zaman Allah mənə əmr etdi. “Elm və bədəncə onun gücünü artırdı”, yəni bununla belə, Talut elm və savad cəhətdən sizdən daha üstün, daha boy-buxunlu, daha güclü, səbirli və döyüş üslubu barədə sizdən daha çox məlumatlıdır. Yəni elm və qamət baxımından sizdən daha kamildir. Buradan görünür ki, hökmdar olan adam elmli, boy-buxunlu, gözəl zahiri görünüşlü və həm bədəncə, həm də mənəvi cəhətdən qüvvətli olmalıdır.
Sonra peyğəmbərləri dedi: “Allah Öz mülkünü istədiyi kəsə verir”. O istədiyini edən bir hakimdir. Allah rəhmətindən, hikmətindən və məxluqatına qarşı şəfqətindən dolayı gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar. Sonra dedi: “Allah hər şeyi Əhatəedəndir, Biləndir”, yəni  lütfü genişdir, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Kimin hökmdarlığa layiq olduğunu və kimin layiq olmadığını bilir.
əl-Bəqərə, 248
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ وَبَقِيَّةٌ مِمَّا تَرَكَ آلُ مُوسَى وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ إِنَّ فِي ذَلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
248. Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər var. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”.

 
Peyğəmbərləri sonra onlara belə deyir: “Talutun hökmdarlığının bərəkətinin əlaməti sizdən daha əvvəl alınan tabutu Allahın sizə geri qaytarmasıdır. “Onun içərisində Rəbbinizdən bir təskinlik”, yəni təmkin və əzəmət vardır. İbn Cureyc demişdir: “Ətadan Uca Allahın “Onun içərisində Rəbbinizdən bir təskinlik” ayəsi barədə soruşdum. O dedi: “Allahın ayələrindən bilib təskinlik tapdıqlarınız”, – deyə cavab verdi. əl-Həsən əl-Bəsri də belə demişdir.
Uca Allah buyurur: “Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər var”. İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) bu ayə barədə belə dediyini rəvayət etmişdir: “Bunlar Musanın əsası və lövhələrin parçaları idi”. Qatədə və başqaları da belə demişlər.
Uca Allah buyurur: “Onu mələklər gətirəcək”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mələklər tabutu göylə yer arasında daşıyaraq gəldilər və insanların gözü qarşısında onu Talutun önünə qoydular”.
Uca Allah buyurur: “Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”, yəni əgər Allaha və Axirət gününə inanırsınızsa, şübhəsiz ki, bunda sizə gətirmiş olduğum peyğəmbərliyimin və Taluta itaət barədə sizə əmr etdiklərimin doğruluğuna qəti bir dəlil var.
əl-Bəqərə, 249
فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
249. Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o məndəndir”. Onların az bir qismi istisna olmaqla, hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə azsaylı dəstələr Allahın izni ilə çoxsaylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir.

 
Uca Allah bu ayədə İsrail oğullarının hökmdarı Talutun İsrail oğullarından ona itaət edənlərdən ibarət olan ordusu ilə birlikdə yola çıxması barədə xəbər verərək buyurur ki, Talut onlara demişdir: “Allah sizi bir çayla imtahan edəcək”. İbn Abbas və başqaları demişlər: “Bu çay İordaniya və Fələstin arasında yerləşən məşhur Şəria çayıdır”. “Kim ondan içsə, məndən deyildir”, yəni bu halda bu gün mənimlə yol yoldaşı olmasın; “Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o məndəndir”, yəni bir ovuc götürməyin bir zərəri yoxdur. Uca Allah buyurur: “Onların az bir qismi istisna olmaqla, hamısı ondan su içdilər”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ondan bir ovuc içənlərin susuzluğu yatdı. Çox içənlərin isə susuzluğu yatmadı”.
İbn Cərir əl-Bəra ibn Azibin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Biz Bədr döyüşündə iştirak etmiş Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) səhabələri haqqında danışırdıq. Onların sayı Talutla birlikdə çayı keçən qoşunun sayı qədər idi. Onların sayı üç yüz on nəfərdən bir az artıq idi. Talut ilə çayı ancaq mömin olanlar keçmişdilər”. (əl-Buxari, 3663, 3958; Əhməd, 18578, 18754). əl-Buxari də buna oxşar hədisi əl-Bəradan (Allah ondan razı olsun) rəvayət etmişdir. (ət-Tabəri (5724–5729), “əl-Musnəd” (4/290, Hələb nəşri), əl-Buxari (8/228, “Fəthul-Bari”). (Əhməd Şakir). Bu səbəbdən Uca Allah buyurur: “Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”, yəni onlar düşmənlərinin çoxluğuna görə düşmənlə qarşılaşmaq üçün özlərini az gördülər. Alimləri isə Allahın vədinin haqq olduğunu, qələbənin Allahdan olduğunu, say çoxluğuna və hazırlığa görə olmadığını söyləyərək onları cəsarətləndirirdilər. Onlar dedilər: “Neçə-neçə azsaylı dəstələr Allahın izni ilə çoxsaylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir”.
əl-Bəqərə, 250-252
وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ * فَهَزَمُوهُمْ بِإِذْنِ اللَّهِ وَقَتَلَ دَاوُودُ جَالُوتَ وَآتَاهُ اللَّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَفَسَدَتِ الْأَرْضُ وَلَكِنَّ اللَّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ * تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ
250. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”
251. Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.
252. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.
 

Talutun möminlərdən ibarət olan kiçik ordusu düşmənləri olan Calutun çoxsaylı ordusu ilə üz-üzə gələndə möminlər dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver”, yəni Öz dərgahından bizə səbir nazil et; “qədəmlərimizi möhkəmlət”, yəni düşmənlə qarşılaşdıqda bizi döyüş meydanından qaçmaqdan və acizlikdən qoru, “və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”
Uca Allah buyurur: “Möminlər Allahın izni ilə onları darmadağın etdilər”, yəni möminlər Allahın köməyi ilə onlara qalib gəldilər. “Davud Calutu öldürdü”. Sonra hökmranlıq Allahın Davuda (ona salam olsun) peyğəmbərlik bəxş etməsi ilə ona keçdi. “Allah ona hökmranlıq”, yəni Talutun əlindəki hökmranlığı “və hikmət verdi”, yəni peyğəmbərlik verdi; “ona istədiyini öyrətdi”, yəni Allah istədiyi elmi xüsusi olaraq ona öyrətdi. Sonra Uca Allah buyurur: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı”, yəni əgər Allah bir qövmü digər bir qövmlə müdafiə etməsəydi, insanlar həlak olardılar. Necə ki İsrail oğullarını Talutun rəhbərliyi altında vuruşmaqla və Davudun (ona salam olsun) şücaəti ilə müdafiə etdi. Bu haqda Allah buyurur: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi” (“əl-Həcc”, 40).
Uca Allah buyurur: “Lakin Allah aləmlərə qarşı lütfkardır”, yəni Allah insanların bəzilərini digərləri ilə müdafiə etməklə onlara lütf və mərhəmət göstərir. Məxluqlarına qarşı etdiyi və dediyi hər bir şeydə hökmə, hikmətə və tutarlı dəlillərə sahib olan yalnız Odur.
Sonra Uca Allah buyurur: “Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən”, yəni sənə danışdığımız bu həqiqətlər Allahın ayələridir. Bu hadisələri olduğu kimi, Kitab əhlinin əlində olana və İsrail oğullarının alimlərinin bildiyi həqiqi məlumatlara uyğun olaraq sənə xatırlatdıq. Ey Muhəmməd! “Şübhəsiz ki, sən göndərilən elçilərdənsən”. Bu ifadə and içməyə bərabər olan təkiddir.
əl-Bəqərə, 253
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِنْهُمْ مَنْ كَلَّمَ اللَّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِنْ بَعْدِهِمْ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَكِنِ اخْتَلَفُوا فَمِنْهُمْ مَنْ آمَنَ وَمِنْهُمْ مَنْ كَفَرَ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلُوا وَلَكِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
253. Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.

 
Bu ayədə Uca Allah bəzi elçiləri digərlərindən üstün etdiyini xəbər verir. Uca Allah bu haqda  buyurur: “Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik” (“əl-İsra”, 55). Burada isə belə buyurur: “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış”, yəni Musa (ona salam olsun) və Muhəmmədlə ﷺ, eləcə də Adəmlə (ona salam olsun) danışmışdır. İbn Hibbanın “Səhih” əsərində Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyildiyi kimi (Bu surənin 35-36-cı ayələrinin təfsirində bu hədis İbn Mərdəveyhin rəvayəti ilə keçmişdir. Bildirdik ki, hədis İbn Hibbanın “Səhih” əsərindədir. Bu hədis tam şəkildə bu surənin 255-ci ayəsinin təfsirində gələcək. (Əhməd Şakir)  – “bəzisini isə dərəcələrə yüksəltmişdir”. əl-İsra (gecə səyahəti) hədisində deyildiyi kimi, Muhəmməd peyğəmbər ﷺ göylərə qalxdıqda peyğəmbərlərin Uca Allahın dərgahında sahib olduqları dərəcələrə görə fərqli təbəqələrdə yer aldıqlarını gördü.
Əgər deyilsə ki, “bu ayənin mənası ilə əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan hədisin mənasını necə cəm etmək olar?” Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir ki, “(Bir dəfə) bir müsəlmanla bir yəhudi bir-birlərini söyməyə başladılar. Bu əsnada yəhudi dedi: “Aləmlər içində Musanı üstün edən Allaha and olsun ki...” (Bunu eşidəndə) müsəlman əlini qaldırıb onun üzünə bir yumruq vurdu və dedi: “Ey xəbis, Muhəmməd aramızda ola-ola sən belə deyirsən?” Bundan sonra yəhudi Peyğəmbərin ﷺ yanına gedib müsəlmandan ona şikayət etdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Məni peyğəmbərlərdən üstün tutmayın! Həqiqətən, Qiyamət günü bütün insanlar bayılacaq, mən də onlarla birlikdə bayılacağam. Sonra ilk ayılan mən olacağam. (Ayıldıqda) görəcəyəm ki, Musa (Allahın) Ərşinin bir qırağından tutub. Mən bilmirəm, o hamı ilə birlikdə bayıldıqdan sonra məndən qabaq ayılacaq, yoxsa (Sinay) dağında bir dəfə bayılıb ayıldığına görə bu bayılmadan salamat qurtarmışdır. Məni peyğəmbərlərdən üstün tutmayın!” (əl-Buxari, 2411, 3146, 3398). Başqa bir rəvayətdə: “Məni peyğəmbərlər arasından seçib üstün tutmayın!”- deyilir. Buna bir neçə cəhətdən cavab vermək olar:
Birincisi: Peyğəmbərin ﷺ belə (Məni peyğəmbərlərdən üstün tutmayın!) deməsi peyğəmbərlərdən üstün olduğunu bilmədiyi vaxta təsadüf edir. Lakin buna bir daha nəzər yetirmək lazımdır.
İkincisi: Peyğəmbər ﷺ bunu təvazökarlığından və sülh yaratmaq məqsədilə demişdir.
Üçüncüsü: Peyğəmbər ﷺ belə deməklə düşmənçilik və münaqişəyə yol açan bu cür hallarda peyğəmbərlərin üstünlüyünü araşdırmağı qadağan etmişdir.
Dördüncüsü: Peyğəmbərlərin arasındakı üstünlüyə mücərrəd görüşlər sərgiləyərək və təəssübkeşlik edərək baxmayın.
Peyğəmbər ﷺ belə deməklə bildirmək istəmişdir ki, rəylərə əsaslanaraq və təəssübkeşlik edərək bu cür üstünlük iddialarını irəli sürməyin.
Beşincisi: Peyğəmbər ﷺ belə deməklə bildirmək istəmişdir ki, peyğəmbərlərdən birini digərindən üstün tutmaq sizin işiniz deyil, bu yalnız Uca Allaha aiddir. Sizə vacib olan isə Ona itaət etmək, boyun əymək və iman gətirməkdir.
Uca Allah buyurur: “Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik”, yəni Biz Məryəm oğlu İsaya Allahın qulu və peyğəmbəri olmasına, İsrail ogullarına söylədiklərinin haqq olmasına dair qəti dəlillər verdik. “Onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik”, yəni Allah onu Cəbrail (ona salam olsun) adlı mələklə qüvvətləndirdi. Sonra Uca Allah buyurur: “Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar”, yəni bunların hamısı Allahın qəzavü-qədəri ilə baş verir. Buna görə də Uca Allah: “Lakin Allah istədiyini edir”, - deyə buyurur.
əl-Bəqərə, 254
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ
254. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar.

 
Uca Allah bu ayədə qullarına əmr edir ki, onlara verdiyi ruzidən Allah yolunda, xeyir yolunda xərcləsinlər. Bunun mükafatını öz Rəblərinin və Hökmdarlarının dərgahında tədarük etsinlər. “Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün”, yəni Qiyamət günü “gəlməmişdən öncə” bu əməli etməyə dərhal bu dünyada tələssinlər. Yəni o gün kimsə canını satın alıb əzabdan qurtara bilməyəcək, nə qədər cəhd etsə də, yer boyda qızıl gətirsə də, əzabdan qurtarmaq üçün heç bir malı fidyə verə bilməyəcək. Habelə onun bir kimsə ilə olan dostluğu, əsil-nəsəbi bir fayda verməyəcək. Uca Allah buyurur: “Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar” (“əl-Muminun”, 101). Həmçinin o gün şəfaət edənlərin vasitəçiliyinin də bir faydası olmayacaq.
Uca Allah buyurur: “Kafirlər isə zalımdırlar”. Bu cümlədə mübtəda (kafirlər) xəbərlə (zalımlardır) xüsusiləşdirilib. Yəni o gün Allahın hüzuruna kafir olaraq çıxan kimsədən daha zalım kim ola bilər. İbn Əbu Hatim Əta ibn Dinarın belə dediyini rəvayət edir: “Allaha həmd olsun ki, “kafirlər isə zalımlardır”, – deyə buyurmuşdur, “zalımlar isə kafirlərdir”, – deyə buyurmamışdır”.
əl-Bəqərə, 255
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
255. Allah Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O Ucadır, Əzəmətlidir.

 
Bu ayə “Ayətul-Kursi” (Kürsü ayəsi) adlanır və bu, şanı uca olan bir ayədir. Allah Elçisindən ﷺ bu ayənin Allahın Kitabında ən əfzəl ayə olması sabit olmuşdur. İmam Əhməd Ubey ibn Kəbdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ ondan soruşmuşdu: “Allahın Kitabında ən əzəmətli ayə hansıdır?” Ubey: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- deyə cavab vermişdir. Peyğəmbər ﷺ bu sualı bir neşə dəfə təkrarladıqdan sonra Ubey demişdir: “Ayətul-Kursi (Kürsü ayəsi)”. Peyğəmbər ﷺ demişdir: “Elm sənə uğurlu oldu, ey Əbu Munzir! Canım Əlində Olana and olsun ki, onun dili və dodaqları var, Ərşin ayağında Hökmdar olan Allahı müqəddəs tutur”. (Əhməd, 21278, 21315, 21602; əl-Beyhəqi “Sunənus-Suğra” 744, “Şuabul-İman” 2168-2169. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3410). Hədisi Muslim rəvayət etmişdir. (Muslim, 1343, 1921). Lakin onda “Canım Əlində Olana and olsun ki, onun dili və dodaqları var, Ərşin ayağında Hökmdar olan Allahı müqəddəs tutur” əlavəsi yoxdur. (“əl-Musnəd” (5/141-142, Hələb nəşri), Muslimin “Səhih” əsəri (1/223). “əd-Durrul-Mənsur” əsərində (1/322) bildirildiyi kimi, hədisi həmçinin Əbu Davud, İbn əd-Dirris, əl-Hakim və əl-Həravi “əl-Fadail” əsərində rəvayət etmişdir. (Əhməd Şakir). Əbu Yalə Ubey ibn Kəbdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, onun xurma anbarı var idi. O, xurma anbarına nəzarət edirdi və bu anbardan xurmanın azaldığını gördü. Bir gecə o, anbarın keşiyində durarkən yetkinlik yaşına çatmış oğlana bənzər bir məxluq gördü. Ubeyy ibn Kəb salam verdi, o da salamı aldı. Ubeyy ibn Kəb soruşdu: “Sən cinsən, yoxsa insan?” O dedi: “Mən cinəm”. Ubeyy ibn Kəb dedi: “Əlini mənə uzat!” O, əlini uzatdıqda əlinin it əli, tükünün də it tükü olduğunu gördü. Cin dedi: “Bu, cinlərin xilqətidir. Cinlər aralarında məndən daha qüvvətli kişi olmadığını bilirlər”. Ubeyy ibn Kəb dedi: “Səni bura gətirən nədir?” Cin dedi: “Bizə xəbər çatıb ki, sən sədəqə verməyi xoşlayırsan, biz də azuqənə zərər vermək üçün gəldik”. Ubeyy ibn Kəb dedi: “Bizi sizdən nə qoruyar?” Cin dedi: “əl-Bəqərə” surəsində olan bu ayə – “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255)”. Səhər açıldıqda o, Allah Elçisinin ﷺ yanına gəlib olanları ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Xəbis doğru söylədi”. (ət-Tabərani “Mucəmul-Kəbir” 541-542. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 662). əl-Hakim də belə rəvayət etmişdir və demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (1/322) əlavə olaraq hədisi ən-Nəsəiyə, İbn Hibbana, ət-Tabəraniyə, Əbu Nueymə və əl-Beyhəqiyə nisbət etmişdir. əl-Hafiz əl-Mizzi bildirmişdir ki, hədisi ən-Nəsəi “əl-Yəum vəl-Leylə” əsərində rəvayət etmişdir. (Əhməd Şakir).
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ səhabələrindən olan bir kişidən soruşdu: “Ey filankəs, evlənmisənmi?” Kişi: “Xeyr, evlənməyə bir şeyim yoxdur”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Məgər sən “De: “O Allah Təkdir” (“İxlas” surəsini) bilmirsənmi?” Kişi: “Əlbəttə, bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. “Məgər sən “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. Peyğəmbər ﷺ dedi: “Məgər sən “Yer titrəyib lərzəyə gələcəyi zaman” (“əz-Zəlzələ” surəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. Peyğəmbər ﷺ dedi: “Məgər sən “Allahın köməyi və qələbə gəldiyi zaman” (“ən-Nəsr” surəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. Peyğəmbər ﷺ dedi: “Məgər sən  “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur” “Ayətul-Kursi”ni (Kürsü ayəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu ayə Quranın dörddə birinə bərabərdir”. (“əl-Musnəd” (13342), hədisin sonunda: “Peyğəmbər ﷺ ona üç dəfə: “Evlən, evlən, evlən!”- dedi” əlavəsi var. əs-Suyuti (1/322) əlavə olaraq hədisi İbn əd-Dirrisə və əl-Həravinin “əl-Fadail” əsərinə nisbət etmişdir. əl-Heysəmi “əz-Zəvaid” kitabında (7/147) hədisi zikr etmiş və demişdir: “Hədisi Əhməd rəvayət etmişdir. Sələmə isə zəifdir”. Yəni Ənəsdən (Allah ondan razı olsun) rəvayət edən tabiin Sələmə ibn Virdən zəifdir. Əhməd və başqaları onun zəif olduğunu demişlər. Lakin Əhməd ibn Saleh demişdir: “Mənə görə, o, etibarlı və hədisləri həsən ravidir”. Həmçinin əl-Buxari “əl-Kəbir” əsərində onun tərcümeyi-halını qeyd etmiş (2/2/78–79) və onun Ənəs ibn Malikdən (Allah ondan razı olsun) hədis eşitdiyini bildirmişdir. Onun barədə pis heç bir şey deməmişdir. Bu o deməkdir ki, əl-Buxariyə görə, o etibarlıdır. (Əhməd Şakir). Əhməd, 13309, 13333, 13342; ət-Tirmizi, 2895, 3140. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1484). İmam Əhməd Əbu Zərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bir dəfə Peyğəmbər ﷺ məsciddə ikən onun yanına gəldim və oturdum. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Zərr, namaz qılmısanmı?” Mən: “Xeyr”, – deyə cavab verdim. Peyğəmbər ﷺ dedi: “Qalx və namaz qıl (sonra otur)”. Əbu Zərr dedi: “Mən qalxıb namaz qıldım sonra oturdum”. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Zərr, insanlardan və cinlərdən olan şeytanlardan Allaha sığın!” Mən dedim: “Ey Allahın Elçisi, məgər insanlardan da şeytanlar olur?” Peyğəmbər ﷺ: “Bəli”, – dedi. Mən dedim: “Ey Allahın Elçisi, namazın fəziləti nədir?” Peyğəmbər ﷺ dedi: “Namaz Allahın qullarına fərz etdiyi ən xeyirli ibadətdir. İstəyən yalnız fərzləri qılar, istəyən də əlavə nafilələr qılmaqla çoxaldar”. Mən dedim: “Ey Allahın Elçisi, bəs orucun fəziləti nədir?” Peyğəmbər ﷺ dedi: “Fərz oruclarını tutan üzərinə düşəni yerinə yetirmiş olar. Allah qatında isə əlavə savabı var”. Mən dedim: “Ey Allahın Elçisi, bəs sədəqənin fəziləti nədir?” Peyğəmbər ﷺ dedi: “Sədəqə savabı qat-qat artırılan bir ibadətdir”. Mən dedim: “Ey Allahın Elçisi, hansı sədəqə daha əfzəldir?” Peyğəmbər ﷺ dedi: “Ehtiyaclı insanın verdiyi və ya gizli şəkildə kasıba verilən sədəqədir”. Mən dedim: “Ey Allahın Elçisi, ilk peyğəmbər kim olmuşdur?” Peyğəmbər ﷺ dedi: “Adəm”. Mən dedim: “Ey Allahın Elçisi, məgər o peyğəmbər idi?” Peyğəmbər ﷺ dedi: “Bəli, Allahın sözlə (vasitəsiz) danışdığı peyğəmbər”. Mən dedim: “Ey Allahın Elçisi, peyğəmbərlərin (rəsulların) sayı nə qədər olmuşdur?” Peyğəmbər ﷺ dedi: “Üç yüz – ondan bir qədər çox. Böyük bir toplum”. Başqa bir rəvayətdə: “Üç yüz on beş”. Mən dedim: “Ey Allahın Elçisi, sənə nazil olan ayələrdən ən əzəmətlisi hansıdır?” Peyğəmbər ﷺ dedi: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur” “Ayətul-Kursi” (Kürsü ayəsi)”. (Əhməd, 21586, 21879. Şueyb əl-Arnavut zəif olduğunu bildirmişdir). Hədisi ən-Nəsəi rəvayət etmişdir. (“əl-Musnəd” (5/178, Hələb nəşri) Vəkidən, səhifə 179-da isə Yəzid ibn Harundan, hər ikisi əl-Məsudidən rəvayət etmişlər. Bu surənin 14-15 və 35-36-cı ayələrinin təfsirində bu hədisin bəzi hissələri keçmişdir. Hədisin təxricini orada qeyd etmişik. (Əhməd Şakir). İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə Əbu Əyyub öz anbarında idi. Cinlər gəlib ondan mal oğurlayırdılar. O da bundan Peyğəmbərə ﷺ şikayət etdi. Peyğəmbər ﷺ ona dedi: “Əgər onu görsən, ona: “Allahın adı ilə. Allahın Elçisinin çağırışına cavab ver!” – de!” Növbəti gün cin yenə gəldi. Əbu Əyyub Peyğəmbərin ﷺ dediyini ona dedi və onu tutdu. Cin dedi: “Məni burax, bir daha qayıtmaram”. Əbu Əyyub onu buraxdı. Peyğəmbərin ﷺ yanına gəldikdə Peyğəmbər ﷺ ona dedi: “Tutduğun əsir nə etdi?” Əbu Əyyub dedi: “Ey Allahın Elçisi, onu tutdum, lakin bir daha qayıtmayacağına söz verdi. Mən də onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O qayıdacaq”. Əbu Əyyub onu iki və ya üç dəfə tutdu. Hər dəfə də: “Bir daha qayıtmayacam”, – deyirdi”. Əbu Əyyub da Peyğəmbərin ﷺ yanına gəlir və Peyğəmbər ﷺ ondan: “Tutduğun əsir nə etdi?”- deyə soruşduqda Əbu Əyyub: “Ey Allahın Elçisi, onu tutdum, lakin bir daha qayıtmayacağına söz verdi. Mən də onu buraxdım”, – deyə cavab verirdi. Peyğəmbər ﷺ də: “O qayıdacaq”, – deyirdi. Əbu Əyyub bir dəfə də onu tutdu. Cin dedi: “Məni buraxsan, sənə elə bir şey öyrədərəm ki, onu desən, mən sənə yaxın gələ bilmərəm. Bu, “Ayətul-Kursi”dir”. Əbu Əyyub Peyğəmbərin ﷺ yanına gəlib bunu ona xəbər verdi. Peyğəmbər ﷺ dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır”. (Əhməd, 23592, 23640, 23990; ət-Tirmizi, 2880, 3121; ət-Tabərani “Mucəmul-Kəbir” 3913. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1469). Hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir: “Həsən-ğaribdir”. Hədisdə keçən الغُولُ  [əl-ğu:l] sözünün mənası gecələr görsənən cinlərdir. (“əl-Musnəd” (5/178, Hələb nəşri), ət-Tirmizi (4/43), əl-Hakim (2/459). əl-Munziri hədisi “ət-Tərğib” əsərində (2/220) ət-Tirmizinin rəvayəti ilə gətirmişdir. əs-Suyuti (1/323) əlavə olaraq hədisi İbn Əbu Şeybəyə, İbn Əbu əd-Dunyəyə, Əbu əş-Şeyxə, ət-Tabəraniyə və Əbu Nueymə nisbət etmişdir. (Əhməd Şakir).
əl-Buxari isə bu hadisəni Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “(Bir dəfə) Peyğəmbər ﷺ Ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Peyğəmbərin ﷺ yanına aparacağam”. O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də (bu yeməyə) olduqca ehtiyacım var”, – dedi, mən də onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O (mənə) həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər ﷺ: “...o yenə qayıdacaq”, – deyə xəbər vermişdi. Odur ki pusquda durub onu gözlədim. O yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam”. O yalvarıb dedi: “Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. (Söz verirəm ki,) bir daha (bura) qayıtmayacağam”. Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O (mənə) həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra yenə qayıdırsan”. O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər”. Mən: “O nə sözdür?”- deyə soruşdum. O dedi: “Yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255) ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər ﷺ məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım”. Peyğəmbər ﷺ: “Nədir o?”- deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyana-nadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər ﷺ dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”- deyə cavab verdikdə Peyğəmbər ﷺ dedi: “Bu, şeytan idi!” (əl-Buxari, 2144, 2311). əl-Buxari bu hədisi muəlləq olaraq (sənədin əvvəlindən bir neçə ravini düşürməklə) və cəzm formasında (səhih olmasına işarə edərək) rəvayət etmişdir. Hədisi həmçinin ən-Nəsəi “əl-Yəum vəl-Leylə” əsərində və İbn Mərdəveyh başqa sənədlə və oxşar mətnlə rəvayət etmişlər. (əl-Buxari (4/396-398, “Fəthul-Bari”). İbn Həcər demişdir: “ən-Nəsəi, əl-İsmaili və Əbu Nueym hədisi Peyğəmbərə ﷺ qədər yüksəltmişlər”. əs-Suyuti (1/326) əlavə olaraq hədisi İbn əd-Dirrisə nisbət etmişdir. əl-Munziri hədisi “ət-Tərğib” əsərində (2/212) rəvayət etmiş və qeyd etmişdir ki, hədisi əl-Buxari, İbn Xuzeymə və başqaları rəvayət etmişlər. (Əhməd Şakir). Bundan əvvəl keçən hədisdə eyni hadisənin Ubeyy ibn Kəbin (Allah ondan razı olsun) başına gəldiyi də bildirildi. Bu bir-birinə oxşar üç hadisədir. Əbu Ubeyd “əl-Ğarib” əsərində əş-Şabidən Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “İnsanlardan olan bir kişi yol gedərkən cinlərdən olan bir kişiyə rast gəlir. Cinlərdən olan kişi deyir: “Mənimlə güləşərsənmi? Əgər məni yıxsan, sənə bir ayə öyrədəcəm, evinə girəndə onu oxusan, evinə şeytan girməz”. İnsanlardan olan kişi onunla güləşdi və onu yıxdı. Sonra dedi: “Görürəm, sən çox zəif və arıqsan. Dirsəklərin isə it dirsəyinə oxşayır. Siz cinlər hamınız beləsiniz, yoxsa sən onlardan bir növsən?” Cin dedi: “Mən onların ən güclüsüyəm. Gəl yenə güləşək!” Kişi onunla yenə güləşdi və yenə cinə qalib gəldi. Cin dedi: “Ayətul-Kursini (Kürsü ayəsini) oxu. Evinə girərkən onu oxuyan elə bir kəs yoxdur ki, şeytan evindən eşşək kimi arxasından səslə yel buraxa-buraxa çıxmasın”. İbn Məsuda dedilər: “Barəsində söhbət etdiyin kişi Ömərdirmi?” İbn Məsud dedi: “Ömərdən başqa kim ola bilər?” (ət-Tabərani “Mucəmul-Kəbir” 8736; əd-Dərimi “Sunən” 3444, “Musnəd” 3424; əl-Heysəmi “Məcməuz-Zəvaid” 14444). Əbu Ubeyd demişdir: “Hədisdə keçənالضَّئيلُ  [əd-dai:l] sözünün mənası “arıq bədənli” deməkdir. الْخِيخُ  [əl-xi:x] sözünün mənası isə arxadan səslə yel çıxartmaqdır. (Əbu Ubeydin rəvayət etdiyi isnad səhihdir. Həmçinin əd-Dərimi (2/447–448) səhih isnadla rəvayət etmişdir. əs-Suyuti (1/323) əlavə olaraq hədisi ət-Tabəraniyə, Əbu Nueymin “əd-Dələil” əsərinə və  əl-Beyhəqiyə nisbət etmişdir. əl-Heysəmi “əz-Zəvaid” kitabında (9/70–71) hədisi zikr etmişdir. (Əhməd Şakir). Bəzən bu sözə الْحِيح  [əl-hi:h] də deyilir. İmam Əhməd rəvayət edir ki, Əsmə bint Yəzid ibn əs-Səkən (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ bu iki ayə: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255) və “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“Ali-İmran”, 1–2) barədə belə dediyini eşitmişəm: “Həqiqətən, bu iki ayədə Allahın ən Əzəmətli adları var”. (Əhməd, 27611, 27652, 28163; əd-Dərimi “Sunən” 3389. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir. Bu mənada Əsmə bint Yəziddən rəvayət olunan səhih hədisdə Peyğəmbər ﷺ belə buyurur: “Allahın ən əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir (ər-Rahmən, ər-Rahim)” (“əl-Bəqərə”, 163). Ali-İmran surəsinin əvvəli: “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur (əl-Həyy, əl-Qayyum)” (“Ali İmran”, 1-2)”. ət-Tirmizi, 3478; Əbu Davud, 1498; İbn Məcə, 3855. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1642). Əbu Davud, ət-Tirmizi və İbn Məcə hədisi belə rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Həsən-səhihdir”. (163-cü ayənin təfsirində bu hədisə oxşar bir hədis keçmişdir. Bu rəvayət isə “əl-Musnəd” (6/461, Hələb nəşri) əsərindədir. Həmçinin ət-Tirmizi (4/253) və İbn Məcə (3855) rəvayət etmişlər, (Əhməd Şakir). İbn Mərdəveyh Əbu Umamədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Allah Elçisi ﷺ buyurmuşdur: “Kim hər fərz namazından sonra “Kürsü” ayəsini (“əl-Bəqərə”, 255) oxuyarsa, Cənnətlə onun arasında yalnız ölüm durar”. (ən-Nəsəi “Sunənul-Kubra” 9928; ət-Tabərani “Mucəmul-Kəbir” 7408. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6464; Silsilə əs-Səhihə, 972). Hədisi ən-Nəsəi “əl-Yəum vəl-Leylə” əsərində bu şəkildə rəvayət etmişdir. Həmçinin İbn Hibban da “Səhih” əsərində rəvayət etmişdir. Hədisin isnadı əl-Buxarinin şərtinə uyğundur. Əbul-Fərəc ibn əl-Cəvzi bu hədisin uydurma hədis olduğunu iddia etmişdir. Ən doğrusunu isə Allah bilir.
Bu ayə on müstəqil cümlədən ibarətdir:
Uca Allahın: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur” sözü ilə Allahın bütün məxluqat üçün Tək İlah olduğu xəbər verilir. “Əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur”, yəni O Özü əbədi yaşayan, heç vaxt ölməyən və başqalarını həyatda saxlayandır. Ömər (Allah ondan razı olsun) ayədəki الْقَيُّومُ  [əl-Qayyu:m] kəlməsini الْقَيَّامُ [əl-Qayyə:m] oxuyardı. Yəni məxluqatın hamısı Ona möhtacdır, O isə heç nəyə möhtac deyildir. Onun əmri olmadan məxluqlardan heç kəs həyatda qala bilməz. Necə ki Uca Allah başqa ayədə buyurur: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız” (“ər-Rum”, 25).
Uca Allah buyurur: “Onu nə mürgü, nə də yuxu tutar”, – yəni Ona nə bir naqislik, qəflət, nə də məxluqları barəsində bir unutqanlıq üz verməz. Əksinə, O hər kəsin qazandığını qoruyub saxlayan, hər şeyə şahid olandır. Heç bir şey Onun nəzərindən yayınmaz və heç bir sirr Ondan gizli qalmaz. Ona nə mürgü, nə də yuxu üz verməməsi Onun qəyyumluğunun kamilliyindəndir. “Onu nə mürgü”, yəni Ona mürgü üstün gəlməz və buna görə “nə də yuxu tutar”, yəni mürgüdən daha qüvvətli olan yuxu da Ona üstün gələ bilməz.
(Muslimin) “Səhih” əsərində Əbu Musadan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər ﷺ bizə dörd cümlə ilə belə xitab etdi: “Həqiqətən, Allah yatmır və ona yatmaq yaraşmaz, tərəzini endirir və qaldırır, gecənin əməli Ona gündüzün əməlindən öncə qaldırılar, gündüzün əməli ona gecənin əməlindən öncə qaldırılar. Örtüyü nurdur (bir rəvayətdə oddur), əgər onu açsa, üzünün nuru gözünün gördüyü bütün məxluqatı yandırar”. (Hədisi Əhməd “əl-Musnəd” (4/405, Hələb nəşri) əsərində,  Muslim (1/64) və İbn Məcə (195) rəvayət etmişlər. Onların rəvayətində “beş cümlə ilə belə xitab etdi” gəlmişdir. “Dörd cümlə ilə” rəvayəti Muslimin başqa iki hədisindədir. İmam Əhməd bundan əvvəl (səh. 401) say qeyd etmədən zikr etmişdir. (Əhməd Şakir). Muslim, 264, 465; İbn Məcə, 195).  
Uca Allah buyurur: “Göylərdə və yerdə nə varsa, Ona məxsusdur”. Bu cümlə ilə hamının Onun qulları olub, Onun mülkündə, tabeçiliyi və hökmranlığı altında olmaları xəbər verilir. Necə ki başqa ayədə buyurur: “Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək” (“Məryəm”, 93-95).
Uca Allah buyurur: “Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər?” Bu cümlə Uca Allahın “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz” (“ən-Nəcm”, 26) və “Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər” (“əl-Ənbiya”, 28) ayələrinə bənzəyir. Allahın şəfaət etməyə icazə verdiyi kəslərdən başqa heç kəsin Onun yanında şəfaət etməyə cəsarət edə bilməməsi Allahın əzəmətindən, ucalığından və böyüklüyündən irəli gəlir. Necə ki şəfaət hədisində buyurulur: “Onda mən Ərşin altına gəlib Uca Rəbbimin qarşısında səcdə edəcəyəm. Allah istədiyi qədər mən bu vəziyyətdə qalacam. Sonra belə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyin veriləcəkdir; şəfaət et, şəfaətin qəbul olunacaqdır”. Sonra mənə ümmətimdən müəyyən qədərinə şəfaət etməyə icazə veriləcək və mən onları Cənnətə daxil edəcəyəm”. (Muslimin (1/71) Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisdən bir parçadır. (Əhməd Şakir). əl-Buxari, 4343, 4712).
Uca Allah buyurur: “O, məxluqatın gələcəyini və keçmişini bilir”. Bu cümlə dəlildir ki, Allahın elmi keçmişdə, hal-hazırda və gələcəkdə olan bütün olanları əhatə edir. Necə ki Uca Allah mələkləri haqda xəbər verərək belə buyurur: “Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir” (“Məryəm”, 64).
Uca Allah buyurur: “Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər”, – yəni Uca Allahın bildirdiyindən başqa heç kəs Allahın elmindən heç nə öyrənə bilməz. Həmçinin ehtimal olunur ki, Uca Allah belə demək istəyir: “İnsanlar Allahın zatı və sifətləri barəsindəki elmindən Onun öyrətdiyindən başqa hər hansı bir məlumat öyrənə bilməzlər”. Necə ki başqa bir ayədə buyurur: “Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz” (“Taha”, 110).
Uca Allah buyurur: “Onun Kürsüsü göyləri və yeri əhatə edir”. İbn Əbu Hatim və İbn Cərir rəvayət etmişlər ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Onun Kürsüsü göyləri və yeri əhatə edir” ayəsi barədə demişdir: “Allahın Kürsüsü, Onun elmidir”. (ət-Tabəri (5787–5788). İsnadı güclüdür. Lakin bu rəy “şazz” rəydir (daha səhih rəyə müxalifdir). İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan səhih rəyə müxalifdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 2599). İbn Əbu Hatim demişdir: “Səid ibn Cubeyrdən də eyni təfsir rəvayət edilmişdir”. İbn Cərir demişdir: “Kürsü ayaq qoyulan yerdir”. Sonra bu rəyi Əbu Musadan, əs-Suddidən, əd-Dahhəkdən və Muslim əl-Battindən rəvayət etmişdir. Şuca ibn Muxalləd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərdən ﷺ Uca Allahın: “Onun Kürsüsü göyləri və yeri əhatə edir” ayəsi barədə soruşuldu. Peyğəmbər ﷺ dedi: “Onun Kürsüsü ayaq qoyulan yerdir. Ərşin nə qədər möhtəşəm olduğunu isə Uca və Qüdrətli Allahdan başqa heç kəs layiqincə vəsf edə bilməz”. (İbn Məndə “Radd aləl-Cəhmiyyə” 15; ədi-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 1/252. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 906). əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh də bu hədisi bu şəkildə rəvayət etmişdir. Əslində isə bu (hədisin Peyğəmbərə ﷺ nisbət olunması) səhvdir. Bu hədisi Vəki öz təfsirində İbn Abbasdan (Allah ondan razı olsun) bu şəkildə rəvayət etmişdir: “Kürsü ayaq qoyulan yerdir. Ərşin nə qədər möhtəşəm olduğunu isə heç kəs layiqincə vəsf edə bilməz”. (Abdur-Razzəq əs-Sənani “Təfsir” 3030. Əsər səhih məvqufdur. Bax: Muxtəsər əl-Uluv” 1/75). əl-Hakim bu əsəri İbn Abbasdan (Allah ondan razı olsun) onun sözü olaraq rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim (2/282) əz-Zəhəbi hədisin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olmasında onunla razılaşmışdır. İbn Abbasdan (Allah ondan razı olsun) səhih olaraq sabit olan rəvayət budur. İbn Abbasdan (Allah ondan razı olsun) Kürsünün elm olduğunu bildirən əvvəlki rəvayətə gəlincə, bu rəvayət “şazdır” (daha səhih rəvayətə müxalifdir). Ərəb dilində buna heç bir dəlil yoxdur. Bu səbəbdən Əbu Mənsur əl-Əzhəri İbn Abbasdan (Allah ondan razı olsun) gələn səhih rəvayətin üstün olduğunu bildirərək demişdir: “Hədis alimləri bu hədisin səhih olmasında yekdil rəydədirlər. Kürsünün elm olduğunu rəvayət edənlərin rəyi batildir”. Buna baxmayaraq, ət-Tabəri batil rəyi götürmüş və heç bir dəlil olmadan bu rəyi üstün görmüşdür. Qardaşım əs-Seyyid Mahmud Muhəmməd Şakir onun bu rəyini rədd edərək ona tutarlı cavab vermişdir. Bax: ət-Tabəri (5/401), (Əhməd Şakir).
Bəzi filosoflar Kürsünün səkkizinci göy olduğunu iddia etmişlər. Bu onlara görə üzərində doqquzuncu göyün olduğu sabit ulduzlar göyüdür. Bu göyün adı “əl-Əsir” adlanır. Həmçinin bu göyə “əl-Atlas” da deyilir. Lakin digər filosoflar bu fikirləri rədd etmişlər. İbn Cərir Cuveybir vasitəsilə əd-Dahhəkdən əl-Həsən əl-Basrinin belə dediyini rəvayət etmişdir: “Kürsü elə Ərşin özüdür”. (ət-Tabəri (5795). Əsərin sənədindəki Cuveybir ibn Səid əl-Əzdi olduqca zəif ravidir. Beləliklə, bu rəy əl-Həsəndən sabit deyil. (Əhməd Şakir). ət-Tabəri, 5795, 5821). Lakin səhih olan odur ki, Kürsü Ərş deyil və Ərş ondan daha böyükdür. Necə ki nəql olunan rəvayətlər və hədislər buna dəlalət edir.
Uca Allah buyurur: “Bunları qoruyub saxlamaq Ona ağır gəlmir”, yəni göyləri və yeri onlarda və onların arasında olanları qoruyub saxlamaq Ona çətin gəlməz və bu Onu əziyyətə salmaz. Əksinə, bu Onun üçün çox asandır. O hər kəsin qazandığını qoruyub saxlayan, hər şeyə nəzarət edəndir. Heç bir şey Ondan gizli qalmaz və gizlənə bilməz. Hər şey Onun qarşısında acizdir, Ona nisbətdə hər şey kiçik və zəlildir. Hər şeyin Allaha ehtiyacı var, Ona möhtacdır. Allah isə Zəngindir və Tərifəlayiqdir. O istədiyini edər, gördüyü işlərə görə məsuliyyət daşımaz, onlar isə daşıyacaqlar. O hər şeyə qalib gələn, hər şeyin hesabını bilən, hər şeyə nəzarət edən, Uca və Əzəmətli olandır. Ondan başqa haqq İlah yoxdur və Ondan başqa Rəbb də yoxdur. “O Ucadır, Əzəmətlidir” cümləsi “Allah qeybi Biləndir, Böyükdür, Ucadır” (“ər-Rad”, 9) ayəsinə bənzəyir. Allahın ad və sifətlərinə dəlalət edən bu ayələrə və bu mənadakı səhih hədislərə iman məsələsində tutulan ən gözəl yol əməlisaleh sələflərin tutmuş olduğu yoldur ki, bu da ayə və hədislərin keyfiyyətini araşdırmadan və heç bir məxluqa bənzətmədən onların hamısına olduğu kimi iman gətirməkdir.
əl-Bəqərə, 256
لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهَا وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
256. Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.

 
Uca Allah bu ayədə: “Dində məcburiyyət yoxdur”, – yəni “heç kimi İslam dininə girməyə məcbur etməyin!”- buyurur. Çünki bu din olduqca açıq-aydın, sübutları və dəlilləri isə göz qabağında olduğundan kimisə ona daxil olmağa məcbur etməyə ehtiyac yoxdur. Allahın İslama yönəltdiyi, köksünü İslam üçün genişləndirdiyi və bəsirətini işıqlandırdığı kəslər açıq-aydın bir dəlilə istinad edərək İslama girərlər. Allahın qəlblərini kor etdiyi, gözlərinə və qulaqlarına damğa vurduğu kəslərin isə güclə, məcburi şəkildə bu dinə girmələrinin heç bir faydası yoxdur. Bu ayənin hökmü ümumi olsa da, bir qrup ənsar barədə nazil olduğu rəvayət edilir. İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, cahiliyyə dövründə övladı bir müddət yaşadıqdan sonra tələf olan ənsar qadınlar əgər övladları yaşayarsa, onları mütləq yəhudiləşdirəcəklərinə nəzir edərdilər. Bənu Nədir qəbiləsi Mədinədən köçüb gedərkən onların arasında ənsar uşaqları da var idi. Buna görə də onlar: “Biz övladlarımızı burada qoyub gedə bilmərik!” – dedilər. Uca Allah da bu ayəni nazil etdi: “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir”. (Əbu Davud, 2682, 2684; İbn Hibban, 140; ən-Nəsəi “Sunənul-Kubra” 10983, 11049; əl-Beyhəqi “Sunənul-Kubra” 18419, 19111; ət-Tabəri, 5812, 5838, 5839. Hədis səhihdir). Əbu Davud və ən-Nəsəi də buna oxşar hədis rəvayət etmişlər. Həmçinin İbn Əbu Hatim və İbn Hibban “Səhih” əsərində rəvayət etmişlər. (ət-Tabəri (5812, 5813), Əbu Davud (2682), İbn Hibban (120), (Əhməd Şakir). Mucahid, Səid ibn Cubeyr, əş-Şabi, əl-Həsən əl-Bəsri və başqaları da bu ayənin qeyd edilən hadisə barədə nazil olduğunu bildirmişlər.
Alimlərdən bir çoxu bu ayənin hökmü ləğv edilməmişdən və dəyişdirilməmişdən əvvəl cizyə (Cizyə müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan mal və ya can vergisidir). verən Kitab əhlinə və onların dininə girənlərə aid olduğunu demişlər. Digərləri isə bu ayənin hökmünün kafirlərə qarşı vuruşmağı əmr edən ayə ilə ləğv edilməsini demişlər. Çünki bütün ümmətlərin Hənif din olan İslama çağırılması vacibdir. Onlardan kimsə İslama girməkdən imtina etsə və cizyə verməsə, öldürülənə qədər onunla döyüşülər. Məcburiyyət sözünün mənası da budur. Necə ki Uca Allah başqa ayədə belə buyurur: “Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar” (“əl-Fəth”, 16), “Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran!” (“ət-Təhrim”, 9), “Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir” (“Tövbə”, 123). “Səhih” əsərində gələn bir hədisdə belə buyurulur: “Allah zəncirlənmiş əsirlərin Cənnətə daxil olacağına təəccüb edəcək!” (“əl-Musnəd” (8000), əl-Buxari (6/101, “Fəthul-Bari”), İbn Hibbanın “Səhih” əsərində (134) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunub. (Əhməd Şakir). əl-Buxari, 2788, 3010; Əhməd, 8000, 9260, 22148; İbn Hibban, 134). Bunlar kafir ikən döyüşdə əsir düşmüş və müsəlman ölkələrinə zəncirlərlə gətirilmiş, sonra müsəlmanların vasitəsilə İslam dinini qəbul etmiş və saleh əməllər görərək niyyətlərini islah etmiş, bundan sonra da Qiyamət günü iman əhli ilə birgə Cənnətə daxil olacaq kəslərdir.
İmam Əhmədin Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə bir dəfə Peyğəmbər ﷺ bir kişiyə dedi: “İslamı qəbul et!” Kişi: “Mənim İslamdan xoşum gəlmir”, – dedi. Peyğəmbər ﷺ dedi: “Xoşun gəlməsə belə, İslamı qəbul et!” Bu hədis səhihdir, lakin hədisin mənası bu qəbildən deyil. Çünki Peyğəmbər ﷺ o kişini İslama girməyə məcbur etməmişdir, əksinə, onu İslama dəvət etmişdir. Kişi nəfsinin bunu qəbul etmədiyini və bundan xoşlanmadığını bildirdikdə Peyğəmbər ﷺ ona demişdir: “Xoşun gəlməsə belə, İslamı qəbul et! Əgər belə etsən, Allah sənə bunun müqabilində gözəl niyyət və ixlas bəxş edəcək”. (“əl-Musnəd” (12086, 12899) iki səhih isnadla. (Əhməd Şakir). Əhməd, 12080, 12891, 12899. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1454).
Uca Allah buyurur: “Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə”, – yəni kim Allaha tay tutulan şeylərdən – bütlərdən və şeytanın Allahdan başqa ibadət etməyə çağırdığı şeylərdən – uzaq olarsa, Allahı ibadətdə təkləşdirib, tək Ona ibadət edərsə və Ondan başqa ibadətə layiq haqq İlahın olmadığına şahidlik edərsə; “heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar”, yəni artıq ən gözəl və doğru yol üzərində qərar tutmuşdur. Əbu əl-Qasim əl-Bəğavi Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Cibt – sehr, tağut isə şeytandır. Cəsarət və qorxaqlıq kişilərin təbiətindədir. Cəsur adam tanımadığı şəxsi də müdafiə edər, qorxaq adam isə anasını belə qoyub qaçar. Kişinin şərəfi dinidir. Əsli-nəcabəti isə onun əxlaqıdır. Fərq etməz, istər fars, istər nabatlı (bədəvi) olsun”. (Səid ibn Mənsur “Sunən” 649, 2534). Əsəri İbn Cərir və İbn Əbu Hatim bu şəkildə rəvayət etmişlər. Tağutun şeytan olması rəyi olduqca qüvvətlidir. Çünki bu söz, bütlərə ibadət etmək, mühakimə olunmaq üçün tağuta müraciət etmək və bütlərdən yardım diləmək kimi cahiliyyə dövrünün bütün şər əməllərini əhatə edir.
Uca Allah buyurur: “heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar”, yəni dindən ən güclü səbəblə yapışmışdır. Bu səbəbi Uca Allah qopmayan ən möhkəm dəstəyə bənzətmişdir. Bu dəstək özü özlüyündə güclü, möhkəm bağlanmışdır. Buna görə Uca Allah buyurur: “heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir”. Mucahid demişdir: “Ən möhkəm dəstəkdən yapışmış olar”, yəni imandan. əs-Suddi demişdir: “Ən möhkəm dəstək – İslamdır”. Səid ibn Cubeyr və əd-Dahhak demişlər: “Ən möhkəm dəstək – “Lə İləhə İlləllah” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) kəlməsidir”.  Ənəs ibn Malik demişdir: “Ən möhkəm ip – Qurandır”. Bu təfsirlərin hamısı doğrudur və aralarında hər hansı bir ziddiyyət yoxdur. Muaz ibn Cəbəl Uca Allahın “heç vaxt qırılmayan” sözü barəsində demişdir: “Yəni Cənnətə girənə qədər qopmayan”. Mucahid və Səid ibn Cubeyr “heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar” dedikdən sonra: “Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz” (“ər-Rad”, 11) ayəsini oxumuşlar.
İmam Əhməd İbn Aundan, o da Məhəmməd ibn Sirindən Qeys ibn Ubədənin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən məsciddə idim, bu vaxt üzündə xuşu (mütilik) əlaməti olan bir kişi gəldi və iki rükət qısa namaz qıldı. Orada olanlar: “Bu kişi Cənnət əhlindəndir”, – dedilər. Məsciddən çıxdıqdan sonra evinə girənə qədər arxasınca getdim və onunla birlikdə evinə girərək onunla danışdım. Bir-birimizlə yaxından tanış olduqdan sonra ona dedim: “Sən məscidə girəndə orada olanlar belə-belə dedilər”. O dedi: “Subhən-Allah (Allah Pak və Müqəddəsdir)! İnsan gərək bilmədiyi şeyi danışmasın. Nə üçün belə dediklərini sənə danışım: “Peyğəmbərin ﷺ zamanında mən bir yuxu gördüm və bu yuxunu ona danışdım. Yuxuda gördüm ki, bir yaşıl bağın içindəyəm”. İbn Aun dedi: “Kişi bağın geniş və yaşıl olduğunu vəsf etdikdən sonra sözünə davam edərək dedi: “Bağın ortasında aşağı tərəfi yerdə olan, yuxarı tərəfi isə göyə çatan bir dəmir dirək, dirəyin də başında bir tutacaq var idi. Kimsə mənə dedi: “Çıx yuxarı!” Dedim: “Bacarmaram!” Bu vaxt yanıma bir xidmətçi gəlib arxa tərəfdən mənim paltarımın ətəyini qaldırdı və mən (dirəyə) çıxmağa başladım. Haçandan-haçana dirəyin başına çatıb tutacaqdan yapışdım. (Yenə) kimsə mənə: “(Tutacaqdan) möhkəm yapış!”- dedi və mən yuxudan oyandım. Baxdım ki, həmin tutacaq əlimdədir. Mən Peyğəmbərin ﷺ yanına gəlib bu (hadisəni) ona danışdım. Peyğəmbər ﷺ buyurdu: “(Gördüyün) o bağ – İslam dinidir, dirək – İslamın dirəyidir, tutacaq – ən etibarlı dəstəkdir, (bu da o deməkdir ki,) sən son nəfəsinə qədər müsəlman kimi qalacaqsan”. İbn Aun dedi: “Bu kişi Abdullah ibn Sələm idi”. (Əhməd, 23838, 24196. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Hədisi əl-Buxari və Muslim eyni adlı “Səhih” əsərlərində rəvayət etmişlər. (“əl-Musnəd” (5/452, Hələb nəşri). Sonra İbn Kəsir bu hədisi “əl-Musnəd” əsərindən başqa şəkildə daha uzun mətnlə rəvayət etmiş (452, 453) və qeyd etmişdir ki, hədisi Muslim və ən-Nəsəi rəvayət etmişlər. (Əhməd Şakir).
əl-Bəqərə, 257
اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətlərə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

 
Uca Allah bu ayədə Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəltdiyini bildirir. O, mömin qullarını küfr və şəkk-şübhə zülmətindən açıq-aşkar, asan və işıqlı haqq nuruna çıxarır. Kafirlərin dostları isə şeytanlardır. Şeytan onlara düşdükləri cahillik və azğınlığı gözəl göstərir. Onları haqq yoldan çıxarıb, küfr və böhtan yollarına yönəldir. “Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. Bu səbəbdən Uca Allah ayədə “nur” sözünü təkdə, “zülmət” sözünü isə cəmdə işlətmişdir. Çünki haqq birdir, küfrün isə növləri çoxdur və hamısı da batildir. Necə ki Uca Allah başqa ayədə belə buyurur: “Bu Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” (“əl-Ənam”, 153), “Zülmətləri və nuru var edən Allaha həmd olsun!” (“əl-Ənam”, 1), “Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağ və sollara əyilir” (“ən-Nəhl”, 48). Bu və buna bənzər ayələrdə haqqın tək olduğuna, batilin növlərə və firqələrə ayrılaraq yayıldığına işarə edilir.
əl-Bəqərə, 258
أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
258. Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.

 
Burada İbrahimlə Rəbbi barəsində mübahisə edən kəs Babil hökmdarı Nəmrud ibn Kənandır. Uca Allahın “görmədinmi?” sözünün mənası: “Ey Muhəmməd, qəlbinlə bilmədinmi?” – deməkdir. “Rəbbi barəsində mübahisə aparan şəxsi”, yəni Rəbbinin varlığı barədə mübahisə aparan. Çünki Nəmrud özündən başqa bir ilah olduğunu inkar edirdi. Necə ki ondan sonra gələn Firon da xalqına: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram” (“əl-Qasas”, 38) demişdir. Nəmrudu bu şəkildə azğınlığa, böyük küfrə və şiddətli inadkarlığa sürükləyən onun qüruru və hökmdarlıqda uzun müddət qalması olmuşdur. Bu səbəbdən Uca Allah: “Allahın verdiyi hökmranlıq üzündən” buyurur. Nəmrud İbrahimdən yoluna dəvət etdiyi Rəbbinin varlığına dəlil istəmişdi. İbrahim də: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – deyə cavab vermişdir. Yəni mənim Rəbbimin varlığına dəlil ölüm və həyatın baş verməsidir. Bir şeyin yoxluqdan sonra var olması, bir şeyin də var olduqdan sonra yox olması Rəbbimin varlığına dəlildir. Bu hadisələrin baş verməsi istədiyini edən bir Yaradanın olmasını zəruri edir. Çünki bu hadisələr öz-özünə baş verə bilməz. Bu hadisələri həyata keçirən bir Yaradanın olması labüddür. Bu Yaradan mənim tək və şərik qoşulmadan ibadət olunmasına çağırdığım Rəbbimdir. Bu vaxt mübahisə edən Nəmrud demişdir: “Mən də həm dirildir, həm də öldürürəm!” Qatədə, Muhəmməd ibn İshaq, əs-Suddi və bir çoxları belə demişlər: “Nəmrud bunu belə açıqlamışdır: “Mənə öldürülməyə layiq olan iki adam gətirilər. Birinin öldürülməsini əmr edərəm və o öldürülər. Digərinin isə bağışlanılmasını əmr edərəm və o öldürülməz. Beləliklə, diriltmə və öldürmənin mənası budur”. Görünən budur ki – Allah ən doğrusunu bilir – Nəmrud bu mənanı nəzərdə tutmamışdır. Çünki bu, İbrahimin (ona salam olsun) dediyinə cavab sayılmır və bu mənada deyil. Bu mənada verilən cavab Yaradıcının olmasını istisna etmir. Nəmrud, ancaq inad və təkəbbürlük səbəbi ilə bu məqamın özünə aid olmasını iddia etmək istəmiş və ətrafdakıları bunu özünün edə biləcəyinə, öldürüb-dirildənin özünün olduğuna inandırmaq istəmişdir. Ondan sonra gələn Firon da belə deməklə onun yolu ilə getmişdir: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram” (“əl-Qasas”, 38). Nəmrud bu təkəbbürlüyü iddia etdikdə İbrahim (ona salam olsun) ona dedi: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”- yəni əgər sən iddia etdiyin kimi həm dirildib, həm də öldürürsənsə, o zaman öldürüb-dirildən öz yaratdıqlarını istədiyi kimi idarə edir. Yaratdıqlarını ulduzların hərəkətlərini əmri altına almaqla onların üzərində tam hakimdir. Bax bu günəş hər gün şərqdən doğur. Əgər iddia etdiyin kimi, dirildən və öldürən ilah sənsənsə, onu qərbdən gətir. Nəmrud acizliyini və bu şeydə inadkarlıq etməyə gücünün çatmadığını anladıqda donub-qaldı. Yəni dili tutuldu və danışa bilmədi. Beləliklə, açıq-aydın dəlillər ona bəyan edildi. Uca Allah buyurur: “Allah zalım qövmü doğru yola yönəltməz”, yəni onlara nə bir dəlil, nə də bir sübut təsir etməz. Əksinə, onların dəlilləri Rəbləri qatında boş şeydir. Onlar Allahın qəzəbinə düçar olar və onlar üçün şiddətli bir əzab vardır.
Ayəni yuxarıda açıqladığımız şəkildə anlamaq məntiqşünasların bir çoxunun qeyd etdikləri “İbrahimin birinci məqamdan ikinci məqama keçməsi, bir dəlildən daha açıq bir dəlilə keçməsidir” fikrindən daha gözəldir. Məntiqşünaslardan bəziləri daha mənasız fikirlər söyləmişlər, lakin məsələ heç də onların söylədiyi kimi deyil. Əksinə, birinci məqam (“Mənim Rəbbim həm dirildir, həm də öldürür!”- deməsi) ikinci məqam (“Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”- deməsi) üçün bir müqəddimədir. Bununla da Nəmrudun həm birinci, həm də ikinci iddiasının batil olduğunu bəyan etmişdir. Həmd Allahadır və nemət Allahdandır.
əl-Bəqərə, 259
أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّى يُحْيِي هَذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانْظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
259. Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları bir-birinə necə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”, – dedi.

 
Bundan əvvəl Uca Allahın: “Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi?” ayəsi keçdi. Bu ayənin mənası “İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi gördünmü?” olduğu üçün Uca Allah bu ayəyə “Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi?” ayəsini bağlamışdır. Ayədə qeyd edilən kəndin yanından keçən adamın kim olmasında təfsir alimləri ixtilaf etmişlər. İbn Əbu Hatim rəvayət etmişdir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) bu adamın Üzeyir peyğəmbər (ona salam olsun) olduğunu demişdir. (əl-Hakim Əlinin (Allah ondan razı olsun) sözü olaraq rəvayət etmiş (2/282), sonra demişdir: “əl-Buxari və Muslimin şərtinə görə, səhihdi, lakin rəvayət etməmişlər”. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). İbn Cərir və İbn Əbu Hatim eyni rəyi İbn Abbas, əl-Həsən, Qatədə və başqalarından da rəvayət etmişlər. Məşhur olan rəy də budur. Mucahid ibn Cubeyr demişdir: “O, İsrail oğullarından bir kişi olmuşdur”. Ayədə adı çəkilən kəndə gəlincə isə məşhur rəyə görə, o, Beytul-Məqdisdir. Bu adam Buxtənnəsrin oranı xaraba qoymasından və əhalisini öldürməsindən sonra oradan keçmişdir.
Uca Allah buyurur: “damları uçulub xarabalığa çevrilmiş”, yəni damları çökmüş, divarları uçulmuşdur. Bu adam dayanıb buranın böyük bir abadlıqdan sonra düşdüyü halı və bu xarabalıqdan sonra köhnə halına dönməsinin nə qədər uzaq olduğunu düşünərək: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?”- demişdir. Uca Allah buyurur: “Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi”. Onun ölümündən yetmiş il sonra bu məmləkət yenidən abad edildi, sakinləri getdikcə artdı və İsrail oğulları yenidən oraya döndülər. Uca Allah o adamı öldürdükdən sonra yenidən diriltdikdə ilk öncə gözlərinə can verdi ki, Allahın etdiklərini və bədənini necə diriltdiyini görə bilsin. Tam olaraq həyata qayıdıb qalxdıqdan sonra Uca Allah mələk vasitəsi ilə ondan soruşdu: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım!” Çünki o, günün əvvəlində ölmüşdü. Uca Allah onu günün sonunda diriltmişdi. O, günəşin hələ batmadığını gördükdə zənn etdi ki, bu həmin günün günəşidir və belə cavab verdi: “Bir gün, yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb”, yəni olduğu kimi qalıb və heç nə dəyişməyib. “Uzunqulağına da bax!”- yəni sən baxa-baxa Allah onu necə dirildir. “Biz səni insanlar üçün bir dəlil etdik”, yəni səni insanlara bir ibrət və ölümdən sonra dirilməyə bir dəlil edəcəyəm. “Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir”, yəni sümüklərə bax, onları necə bir-birinə birləşdirib, yerli-yerinə qoyuruq. əl-Hakim Zeyd ibn Sabitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ bu ayəni كَيْفَ نُنْشِزُهَا [kəyfə nunşizuhə] “Biz onları necə bir-birinə birləşdirir” kimi oxumuşdur. (əl-Hakim, 2918). əl-Hakim sonra demişdir: “Bu hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/234). əz-Zəhəbi hədisi rəvayət edən ravilərdən birinin zəif olduğunu bildirmişdir. Hədisin isnadında İsmail ibn Qeys ibn Sad ibn Zeyd ibn Sabit var və olduqca zəifir. Bu hədis zəif olduğu üçün onu kitabda qeyd etmək istəməzdik. Lakin İbn Kəsir bu qiraəti qeyd etmiş, ardından əl-Hakimin onu səhihləşdirdiyini bildirmişdir. Sonra alimlərin bu hədis barədə dediklərini qeyd etməmişdir. Ayənin كَيْفَ نُنْشِزُهَا [kəyfə nunşizuhə] “Biz onları bir-birinə necə birləşdirir” kimi oxunuşu yeddi məşhur qiraətdə və digər qiraətlərdə sabitdir. Bu qiraəti İbn Amir, Asim, Həmzə, əl-Kisəi və Xələf oxumuşlar. Digər yerdə qalan on dörd qiraətdə isə ,كَيْفَ نُنْشِرُهَا  [kəyfə nunşiruhə] “Biz onları necə dirildirik” kimi oxunmuşdur. Hər iki qiraət səhih və çoxsaylı qarilərin nəqli ilə sabitdir. Bu qiraətlərdən hər hansı birinin isbatı üçün hədisə ehtiyac yoxdur. (Əhməd Şakir). Bu ayə, həmçinin كَيْفَ نُنْشِرُهَا [kəyfə nunşiruhə] “Biz onları necə dirildirik” kimi də oxunmuşdur. Mucahid belə demişdir. “Sonra da onların üstünü ətlə örtürük”. Bütün bunlar ona açıq-aşkar bəlli olduqda “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”- dedi”, yəni mən artıq bunu bildim və hamısını gözlərimlə gördüm və mən bu məsələdə zəmanəmin insanlarından ən çox məlumatlı olanıyam. Bəzi qiraətçilər bu ayəni قَال اعْلَمْ  [qa:lə-iləm] “Allah dedi: “Bil ki, ..!”- əmr formasında da oxumuşlar. ("Qa:lə-iləm" قَال اعْلَمْ  “Allah dedi: “Bil ki, ..!” əmr formasındadır. Bu qiraəti yeddi qiraət sahiblərindən Həmzə və əl-Kisəi oxumuşlar. ət-Tabəri də bu qiraəti seçmiş və məna baxımından bu qiraətin üstün olduğunu bildirmişdir (5/484–485), (Əhməd Şakir).
əl-Bəqərə, 260
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِ الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
260. Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!"- dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”- dedi. İbrahim dedi: “Əlbəttə, inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”

 
Təfsir alimləri İbrahimin (ona salam olsun) bu istəyinin bir neçə səbəbini qeyd etmişlər. Onlardan biri belədir:
İbrahim (ona salam olsun) Nəmruda: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdən sonra bunu yəqinliklə bilmək dərəcəsindən daha yüksək dərəcəyə – gözləri ilə görmək, müşahidə etmək dərəcəsinə yüksəlmək istəmiş və demişdir: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”- dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”- dedi. İbrahim dedi: “Əlbəttə, inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. (əl-Buxari, 4173, 4537; Muslim, 399, 6291).
əl-Buxarinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Bizim İbrahimdən daha çox şəkk etməyə haqqımız çatır. Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” Rəbbi ona: “Məgər sən inanmırsan?”- dedi. İbrahim dedi: “Əlbəttə, inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Hədisi Muslim də rəvayət etmişdir. Bu hədisdə şəkk dedikdə elmi olmayanların başa düşdükləri şəkk nəzərdə tutulmur və bu məsələdə ixtilaf da yoxdur. Bu hədisdən ortaya çıxan suallara müxtəlif cavablar verilmişdir... (Kitabın bu hissəsi həm əl-Əzhəriyyə əlyazmasında, həm də çap olunmuş nüsxədə boş saxlanılıb. Ola bilsin, əl-Hafiz İbn Kəsir bu hissəni boş saxlamışdır ki, alimlərin bu barədə rəylərini yazsın. Lakin sonradan səhvən və ya unudaraq bunu etməmişdir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində (6/294-295) bu məsələdə alimlərin rəylərini gətirmişdir. Mənə görə bu rəylərdən ən yaxşısı İbn Atiyyənin rəyidir. Belə ki o demişdir: “Bu hədis, əslində, şəkk etməyi inkar edir. Hədisdə nəzərdə tutulan şəkk insanda daimi olmayan fikirlərdir. İstilahi mənada isə şəkk aralarında hər hansı bir üstünlük olmayan iki şey arasında tərəddüd etməkdir. Bu növ şəkk isə Allahın sevimli dostu İbrahimə (ona salam olsun) heç vaxt gələ bilməz. Çünki əgər qəlbində iman qərar tutmuş şəxsin belə bir şəkkə düşməsi son dərəcə uzaqdırsa, peyğəmbərlik dərəcəsinə çatan bir şəxsdə olması heç mümkün deyil. Həmçinin ayədə İbrahimin sualı “necə?” sual əvəzliyi ilə verilmişdir. Bu isə ölüləri diriltməyin özü barədə deyil, necəliyi barədədir, çünki ölüləri diriltməyə iman artıq qəlbdə qərar tutmuşdur”. Başqa bir alim demişdir: “Hədisin mənası budur ki, əgər biz şəkk etmiriksə, İbrahim (ona salam olsun) şəkk etməməyə bizdən daha layiqdir. Yəni əgər peyğəmbərlərə şəkk gəlsəydi, o zaman mən buna İbrahimdən (ona salam olsun) daha layiq olardım. Bildiyiniz kimi, mən şəkk etmirəm, demək, İbrahim (ona salam olsun) heç şəkk etməmişdir. O bu sözü təvazökarlıqdan demişdir”. (Əhməd Şakir).
Uca Allah buyurur: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et”. Təfsir alimləri bu dörd quşun növündə ixtilaf etmişlər. Baxmayaraq ki, bu quşların növlərinin təyinində bir fayda yoxdur. Əgər bu, mühüm məsələ olsaydı, Quran bunu bildirərdi. “Onları özünə tərəf çəkib tikə-tikə et”, yəni onları parçala. İbn Abbas, İkrimə, Səid ibn Cubeyr və Əbul-Əsvəd əd-Duəli belə demişlər.
Uca Allah buyurur: “Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”- yəni Qüdrətlidir, heç bir şey Onu məğlub edə bilməz, heç nə Ona ehtiyac duymadan yaşaya bilməz, istədiyi şey heç bir maneə olmadan baş verər. Çünki O, Əzəmətlidir və hər şeyə gücü çatır. Sözlərində, işlərində, qanun qoymasında və təqdir etməsində hikmət sahibidir.
İbn Əbu Hatim İbn əl-Munkədirdən rəvayət etmişdir ki, bir dəfə Abdullah ibn Abbasla Abdullah ibn Amr ibn əl-As görüşdü. İbn Abbas İbn Amr ibn əl-Asa dedi: “Sənə görə, Quranda bu ümmətə ən çox ümid verən ayə hansıdır?” Abdullah ibn Amr dedi: “Uca Allahın: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (“əz-Zumər”, 53) - ayəsidir”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Lakin mənə görə, bu ümmət üçün ən ümidverici ayə Uca Allahın: “Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”- dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”- dedi. İbrahim dedi: “Əlbəttə, inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun” ayəsidir. Uca Allah İbrahimin “Əlbəttə, inanıram!”- deməsindən razı qaldı. Bu şübhə şeytanın insanın qəlbinə vəsvəsə salması ilə olur”. (əl-Hakim, 198). Hədisin eynisini əl-Hakim rəvayət etmiş və demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Hakim (1/60). əl-Hakim əl-Buxari və Muslimin şərtinə görə səhih olduğunu demişdir, lakin əz-Zəhəbi düzəliş edərək hədisin sənədində ravilər arasında əlaqənin kəsildiyini demişdir. Görünür, əz-Zəhəbi Muhəmməd ibn əl-Munkədirin Abdullah ibn Amrı (Allah ondan razı olsun) görmədiyini qəsd edir. Lakin bu səhvdir. ət-Təhzib kitabında gəlmişdir ki, ət-Tirmizi əl-Buxaridən soruşmuşdur: “Muhəmməd ibn əl-Munkədir Aişədən hədis eşitmişdirmi?” əl-Buxari: “Bəli”, – demişdir”. Aişə isə Abdullah ibn Amrdan (Allah onlardan razı olsun) daha tez dünyasını dəyişmişdir. (Əhməd Şakir).
əl-Bəqərə, 261
مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
261. Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatə edəndir, Biləndir.

 
Bu ayədə Uca Allah mallarını Onun yolunda, Onun razılığını qazanmaq üçün xərcləyənlərin savabını artıracağına və hər yaxşılığa görə onun on mislindən yeddi yüz qatınadək əvəz verəcəyinə dair məsəl çəkərək buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli...”. Səid ibn Cubeyr demişdir: “Yəni Allaha itaətdə xərcləyənlərin məsəli”. Məkhul demişdir: “Allah yolunda dedikdə cihada xərcləmək nəzərdə tutulur. Döyüş atları yetişdirmək, silah hazırlamaq və sair işlərə sərf etmək kimi”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Cihad və həcc yolunda xərclənən bir dirhəm yeddi yüz qatadək artar”. Bu səbəbdən Uca Allah buyurur: “yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır”. Bu məsəl qəlbə təsir baxımından yeddi yüz sayının qeyd olunmasından daha yaxşıdır, çünki bu məsəl xeyirxah əməllərin Uca Allah tərəfindən onları edənlər üçün artırılmasına işarə edir. Necə ki bitki əkin əkən üçün münbit torpaqda artır. Yaxşılıqların yeddi yüz qata qədər artırılmasına dair hədislər də varid olmuşdur. İmam Əhməd rəvayət edir ki, İyad ibn Ğuteyf demişdir: “Bir xəstəlik səbəbindən Əbu Ubeydəni ziyarət etmək üçün yanına gəlmişdik. Yoldaşı Tuheyfə baş tərəfində oturmuşdu. Biz soruşduq: “Əbu Ubeydə gecəni necə keçirdi?” Tuheyfə: “Vallah (xəstəliyinə görə) savab qazanaraq keçirdi”, – deyə cavab verdi. Əbu Ubeydə dedi: “Savab qazanaraq keçirmədim”. Ubeydə üzü divara tərəf idi, üzünü gələnlərə tərəf çevirdi və dedi: “Nə üçün belə dediyimi soruşmayacaqsınızmı?” Gələnlər dedilər: “Dediyin söz xoşumuza gəlmədi. Bu səbəbdən soruşmadıq”. Ubeydə dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim malından artığını Allah yolunda xərcləsə, yeddi yüz qat, malını özünə və ailəsinə xərcləsə və ya bir xəstəni ziyarət etsə və yaxud yoldan bir maneəni qaldırsa, bu yaxşılığı on qat artar. Pozmayana qədər oruc bir qalxandır. Allah kimi səhhətindəki bir bəla ilə imtahan edərsə, bu onun üçün günahlarının silinməsidir”. (Əhməd, 1690; Əbu Yəalə “Musnəd” 878; əl-Beyhəqi “Sunənul-Kubra” 18347, 19037–19038; əl-Hakim, 5153. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6438). ən-Nəsəi bu hədisin bir hissəsini səhabəyə, bir hissəsini isə Peyğəmbərə ﷺ nisbət edərək rəvayət etmişdir. (əl-Musnəd” (1690). ən-Nəsəi (1/311). Əhməd həmçinin buna oxşar hədislər rəvayət etmişdir (1700, 1701).  əl-Hakim (3/265), əl-Beyhəqi (3/374). əl-Buxari “əl-Kəbir” (4/1/113) və “əs-Sağir” (səh. 94) əsərlərində və İbn Həcər “Fəthul-Bari” əsərində (10/95) bu hədisə işarə etmişlər. (Əhməd Şakir). İmam Əhməd Əbu Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir nəfər yüyənli bir dəvəni Allah yolunda sədəqə etdi. Peyğəmbər ﷺ buyurdu: “Qiyamət günü o, yeddi yüz yüyənli dəvə ilə gələcək”. (ən-Nəsəi “Sunən” 3136, 3187, 4396; Əhməd, 17135, 17222, 22357, 22411. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 634). Hədisi Muslim və ən-Nəsəi rəvayət etmişdir. (“əl-Musnəd” (5/274, Hələb nəşri), Muslim (2/99). Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Adı: Uqbə ibn Amrdır. (Hicrətin 40-cı ilində vəfat etmişdir). əl-Əzhəriyyə əlyazmasında və çap olunmuş nüsxədə İbn Məsud yazılmışdır. Bu isə səhvdir. (Əhməd Şakir). Həmçinin İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Adəm övladının etdiyi hər bir yaxşılıq on mislindən yeddi yüz mislinə qədər və bundan daha çox Allah istəyən qədər artırılır. Uca Allah buyurur: “Yalnız orucdan başqa. Oruc Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Oruc tutan Mənə görə öz yeməyindən və içməyindən imtina edir. Oruc tutan adamın iki sevinc anı var; orucunu açdığı iftar vaxtında sevinir; bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir. Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. Oruc (oddan) qalxandır, oruc qalxandır”. (Muslim, 1945, 2763; Əhməd, 9712, 10178). Muslim bu şəkildə rəvayət etmişdir. (“əl-Musnəd” (9712, 10178), Muslim (1/316-317). Həmçinin Əhməd buna oxşar hədis rəvayət etmişdir (7596).  
Yaxşılıqların iki min dəfə min qat artırılacağına dair Əbu Osman ən-Nəhdinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədis əvvəl keçmişdir. (Bu surənin 245-ci ayəsinin təfsirində. (Əhməd Şakir). İbn Mərdəveyh İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir” ayəsi nazil olduqda Peyğəmbər ﷺ: “Ey Rəbbim, ümmətim üçün (savabı) artır!” – deyə dua etdi. Uca Allah da “Kim Allaha gözəl bir borc verər ki, O da onun üçün bunu qat-qat artırsın? Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar” (“əl-Bəqərə”, 245) ayəsini nazil etdi. Peyğəmbər ﷺ yenə: “Ey Rəbbim, ümmətim üçün (savabı) artır!” – deyə dua etdi. Bundan sonra Uca Allah “Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (“əz-Zumər”, 10) ayəsini nazil etdi”. (İbn Hibban, 4648. Hədis zəifdir. Bax: Daif ət-Tərğib vət-Tərhib, 792). Hədisi İbn Hibban “Səhih” əsərində rəvayət etmişdir. (Həmçinin bu hədisi əl-Hafiz İbn Kəsir İbn Əbu Hatimin rəvayəti ilə bu surənin 245-ci ayəsinin təfsirində də qeyd etmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Allah istədiyi kimsənin mükafatını artırar”, yəni əməli edərkən ixlasına görə savabını artırar. “Allah hər şeyi Əhatə edəndir, Biləndir”, yəni Allahın lütfü yaratdıqlarından daha genişdir və Allah kimin bu lütfə layiq olduğunu, kimin isə layiq olmadığını yaxşı bilir.
əl-Bəqərə, 262-264
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ * قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
262. Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
263. Xoş söz demək və xətaları bağışlamaq minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.
264. Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.

 
Uca Allah bu ayədə mallarını Onun yolunda xərcləyən, sonra isə verdikləri xeyir və sədəqələrə görə heç kəsə nə sözlə, nə də əməllə minnət qoymayan kəsləri tərifləyir.
Uca Allah buyurur: “Əziyyət verməyənlərin”, yəni yaxşılıq etdikləri kəslərə pislik etməklə əvvəl etdikləri yaxşılığın əcrini puç etməyənlərin. Sonra Uca Allah onlara etdikləri əməllərə görə böyük mükafat vəd edərək buyurur: “Rəbbi yanında mükafatları vardır”, yəni onların savabını Allah verəcək, Ondan başqa heç kim verməz. “Onlara heç bir qorxu yoxdur”, yəni Qiyamət günü baş verəcək dəhşətlərə görə (məhşərə toplaşma, Sirat körpüsündən keçmə və s). onlara heç bir qorxu yoxdur; “və onlar kədərlənməyəcəklər”, yəni geridə buraxdıqları uşaqlarından, dünya həyatı və nemətlərindən ötrü təəssüflənməyəcəklər, çünki onlar üçün bunlardan daha xeyirli olan şeylərə qovuşacaqlar.
Uca Allah buyurur: “Xoş söz demək”, yəni gözəl bir söz demək və müsəlman üçün dua etmək “və xətaları bağışlamaq”, yəni sözlə və ya əməllə edilən bir zülmü bağışlamaq; “minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir”, yəni yaratdıqlarına ehtiyacı yoxdur; “Həlimdir”, – yəni bəndələrini günahlara görə dərhal cəzalandırmayan, günahlarından keçən  və bağışlayandır.
Sədəqəni minnət qoymaqla verməyi qadağan edən bir çox hədislər varid olmuşdur. Muslimin “Səhih” əsərində Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Üç qisim insan var ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Üstəlik, onları üzücü bir əzab gözləyir. Bunlar (libasının) ətəyini topuqdan aşağı uzadan kişilər, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan (kimsələrdir)”. (Muslim (1/41), (Əhməd Şakir). Muslim, 155, 307). İbn Mərdəveyh Əbu əd-Dardadan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Valideynlərinin üzünə ağ olan, etdiyi yaxşılığı başa qaxan, içki düşgünü və qəzavü-qədəri (hər şeyin Allahın qədəri ilə baş verdiyini) inkar edən (birbaşa) Cənnətə girməz”. (ət-Tabərani “Musnədiş-Şəmiyyin” 2212, “Mucəmul-Kəbir” 18366; əd-Dərimi, 2139. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 673). Əhməd və İbn Məcə da buna oxşar hədisi rəvayət etmişlər. (İbn Mərdəveyhin rəvayət etdiyi isnad səhihdir. Həmçinin Əhmədin “əl-Musnəd” əsərindəki isnadı da səhihdir (6/441. Hələb nəşri). Lakin Əhmədin rəvayətində “etdiyi yaxşılığı başa qaxan” hissəsi yoxdur. İbn Məcənin rəvayəti də səhihdir. O bu hədisin müxtəsər olaraq yalnız “içki düşgünü olan” hissəsini rəvayət etmişdir (3376). (Əhməd Şakir). Sonra İbn Mərdəveyh, İbn Hibban, əl-Hakim və ən-Nəsəi Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Üç qisim insan var ki, Qiyamət günü Allah onların üzünə baxmayacaq: valideynlərinin üzünə ağ olan, içki düşgünü və verdiyini başa qaxan”. (Həmçinin bu hədisi Əhməd “əl-Musnəd” əsərində uzun mətnlə rəvayət etmişdir (6180). İsnadı səhihdir (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 2562, 2574; Əhməd, 6180; İbn Hibban, 7340. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 674). Bu səbəbdən Uca Allah “Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin” buyuraraq bildirir ki, sədəqənin ardından başa qaxmaq və əziyyət vermək sədəqəni puça çıxarır və sədəqənin savabı başa qaxma və əziyyət vermə günahı səbəbindən verilməyəcək.
Uca Allah buyurur: “özünü camaata göstərmək məqsədilə xərcləyən”, yəni insanlara nümayiş etdirmək üçün verilən sədəqənin boşa getdiyi kimi, siz də sədəqələrinizi başa qaxmaq və əziyyət verməklə boşa çıxarmayın. Riyakarlıqla sədəqə verən kəs bu işi Allahın rizasını qazanmaq üçün edirmiş kimi özünü insanlara göstərir. Halbuki onun məqsədi insanların onu tərifləməsi, ya da insanlar arasında təşəkkürə layiq görülmək üçün gözəl sifətlərlə tanınması, ya da insanların ona comərd deməsi kimi dünyəvi məqsədlərdir. O heç vaxt bu əməli ilə Allahın razılığını və onun savabını ummur. Bu səbəbdən Uca Allah: “Allaha və Axirət gününə inanmayan şəxs kimi”, – buyurur.
Sonra Uca Allah özünü insanlara göstərmək məqsədilə malını xərcləyən kəsə bir misal çəkərək buyurur: “Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir”. Ayədə keçən صَفْوَانٌ [safvə:n] sözü صَفْوَانَةٌ [safvə:nə] sözünün cəmidir. Bəzi dilçilər bu sözün həm də təkə dəlalət etdiyini demişlər. Mənası “hamar daş” deməkdir. “Şiddətli yağış yağıb onu çılpaq hala salmışdır”, yəni şiddətli yağış daşın üzərində olan torpağı aparmış, onu hamar və quru halda saxlamışdır. Üzərində torpaqdan heç bir şey qalmamışdır, hamısını yumuşdur. Özlərini insanlara göstərən riyakarların əməlləri də belədir. Yağış yağmamışdan əvvəl daşın üzərində olan torpaq kimi, əməlləri insanlara görünsə də, Allah qatında puç olar və boşa gedər. Bu səbəbdən Uca Allah buyurur: “Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz”.
əl-Bəqərə, 265
وَمَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِنْ لَمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək üçün sərf edənlərin məsəli uca təpənin üstündə olan bir bağın məsəlinə bənzəyir ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, narın yağış da kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi görəndir!

 
Bu ayə mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək üçün xərcləyən möminlərin məsəlidir. “Nəfslərini sabitqədəm etmək üçün”, yəni onlar inanırlar və təsdiq edirlər ki, Uca Allah bu əməllərinə görə onlara qat-qat artıq mükafat verəcək. əl-Buxari və Muslimin səhihliyində ittifaq etdikləri bu hədis mənaca bu ayəyə bənzəyir: “Kim Ramazan ayını imanla, mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar”. (əl-Buxari, 38; Muslim, 1268, 1817). Yəni kim Ramazan orucunu Allahın fərz etdiyinə inanaraq və savabını Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar.
Uca Allah buyurur: “uca təpənin üstündə olan bir bağın məsəlinə bənzəyir", yəni bu möminlərin məsəli yüksək təpə üzərindəki bağın məsəlinə bənzəyir. Əksər alimlərə görə, burada hündür bir yerdə yerləşən bağ nəzərdə tutulur. İbn Abbas və əd-Dahhək bu bağa “içindən çaylar axan” vəsfini də əlavə etmişlər. İbn Cərir demişdir: “Ayədə keçən الرَّبْوَةُ [ər-rabvə] “təpə” sözü ərəb dilində üç cür deyilir və bu ayənin oxunuşunda üç qiraət varid olmuşdur. Birinci: الرُّبْوَةُ [ər-rubvə] – Mədinə, Hicaz (Ərəbistan yarımadası) və İraq qariləri belə oxumuşlar. İkinci: الرَّبْوَةُ [ər-rabvə] – bu bəzi Şam və Kufə qarilərinin oxunuşudur. Deyilənə görə, Təmim qəbiləsinin ləhcəsi də belədir. Üçüncü: الرِّبْوَةُ [ər-ribvə] – bu qiraətin İbn Abbasa (Allah ondan razı olsun) aid olduğu qeyd edilir.
Uca Allah buyurur: “ora düşən bol yağış”, yəni şiddətli yağış əvvəlki ayədə keçdiyi kimi; “onun meyvələrini”, yəni məhsulunu; “ikiqat artırar”, yəni digər bağlara nisbətən məhsulu ikiqat artar. “Əgər bol yağış yağmasa, narın yağış da kifayət edər”. əd-Dahhək demişdir: “Narın yağış dedikdə şəbnəm nəzərdə tutulur. Şəbnəm isə yüngül yağışdır”. Yəni yüksək təpədə yerləşən bu bağ heç vaxt məhsulsuz olmur, çünki bol yağış yağmasa belə, yüngül bir yağış onun məhsul verməsinə kifayət edir. Möminin əməli də belədir, onun əməlləri əsla boşa getməz. Əksinə, Allah onu qəbul edər, çoxaldar və hər kəsin əməlini niyyətinə görə qat-qat artırar. Bu səbəbdən Uca Allah buyurur: “Həqiqətən, Allah nə etdiyinizi görəndir!”- yəni qullarının əməllərindən heç bir şey Ona gizli qalmaz.
əl-Bəqərə, 266
أَيَوَدُّ أَحَدُكُمْ أَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
266. Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda, bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz.

 
əl-Buxari bu ayənin təfsirində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir gün Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabələrinə dedi: “Sizcə, Uca Allahın “Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun...” ayəsi kim barədə nazil olmuşdur?” Səhabələr dedilər: “Ən doğrusunu Allah bilər”. Ömər qəzəbləndi və dedi: “Ya deyin “bilirik”, ya da deyin “bilmirik”. İbn Abbas dedi: “Məndə bu ayə barədə bir elm var, ey möminlərin əmiri!” Ömər dedi: “Ey qardaşoğlu, söylə! Özünü kiçik görmə!” İbn Abbas dedi: “Bu ayə bir əmələ misal olaraq çəkilmişdir”. Ömər soruşdu: “Hansı əmələ?” İbn Abbas: “Bir əmələ görə”. Ömər dedi: “Bu ayə Allaha itaət edən zəngin bir kişi barədədir. Sonra Allah ona (imtahan üçün) şeytanı göndərdi (şeytan onu azdırdı) və o, günahlar işlətməyə başladı. O qədər günah işlətdi ki, əvvəl etdiyi əməllərini tamamilə batırdı”. (əl-Buxari (8/151, “Fəthul-Bari”). Həmçinin ət-Tabəri rəvayət etmişdir (6096, 9097), (Əhməd Şakir). əl-Buxari, 4174, 4538). Bu hədisi yalnız əl-Buxari (Allah ona rəhmət eləsin) rəvayət etmişdir.
Bu ayənin təfsiri üçün bu hədis kifayət edir və ayədə çəkilən misalı kifayət qədər açıqlayır. Ayədə çəkilən misal əvvəl əməlləri çox gözəl olub, sonradan, əksinə, dəyişərək əməllərini pisliklərə çevrilən kəs barədədir. Bu insan yaxşı əməllərini pis əməllərə dəyişmişdir. Bu haldan Allaha sığınırıq. Beləliklə, bu insan sonra etdiyi pis əməlləri ilə əvvəl etdiyi yaxşı əməllərini zay etmişdir. Nəhayət, elə bir dar gün gəlib çatar ki, əvvəl etdiyi əməllərdən az bir əmələ belə möhtac olar. Əlində isə heç bir şey qalmaz və o, əvvəlki halından daha möhtac bir hala düşər. Bu səbəbdən Uca Allah buyurur: “Sonra da ona qocalıq üz verdiyi zaman özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda, bu bağa odlu bir qasırğa düşüb onu yandırsın”, yəni tərkibində od olan şiddətli külək bağın meyvələrini yandırmış və ağaclarını məhv etmişdir. Bu vəziyyətdə insanın halı necə olar? İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Allah (yaxşı işlər gördükdən sonra pis işlər görən) insana gözəl bir məsəl çəkmişdir, əslində, Onun çəkdiyi hər bir məsəl gözəldir. Allah belə buyurur: “Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun”. Bu insan bu bağçanı gəncliyində düzəltmişdir. Sonra ahıl yaşına çatmış və bu yaşında zəif övladları və zürriyyəti var. Sonra buyurur: “bu bağa odlu bir qasırğa düşüb onu yandırsın?”- yəni bu insanın bağçası yanmışdır və belə bir bağçanı yenidən əkib-becərməyə artıq qüvvəti yoxdur. Arxasınca xeyirli bir nəsil də qoymamışdır ki, bu bağçanın bənzərini ona təkrar qaytarsınlar. Qiyamət günü Allahın hüzuruna gətiriləcək kafirin halı da belə olacaqdır. Onların üzr diləmələri üçün bir xeyir əməli olmayacaqdır. Necə ki bağça sahibinin köhnə bağçasını qaytarmağa qüvvəti yoxdur. Beləcə kafir Qiyamət günü özünə qayıdacaq bir xeyir etdiyini görməyəcək. Necə ki bağça sahibi uşaqlarından bir fayda görə bilməmişdir. Kafir ən möhtac olduğu bir halda savabdan məhrum olacaq. Necə ki bağça sahibi də ən möhtac olduğu bir dövrdə – qoca və uşaqlarının zəif olduğu dövründə – bağçasından məhrum olmuşdur”. (Həmçinin ət-Tabəri rəvayət etmişdir (6101). əs-Suyuti hədisi zikr etmiş və onların ikisinə (İbn Əbu Hatim və ət-Tabəri) nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 2778; ət-Tabəri, 6101, 6134). əl-Hakim rəvayət etmişdir ki, Peyğəmbər ﷺ dualarında belə deyərdi: “Allahım! Ən bol ruzini mənə qocaldıqda, ömrümün sonunda ver”. (əs-Suyuti həmçinin hədisi Aişənin (Allah ondan razı olsun) rəvayəti ilə əl-Hakimə nisbət etmişdir. Bax: “əl-Fəthul-Kəbir” (1/231), (Əhməd Şakir). əl-Hakim, 1987. Hədis həsəndir. Bax: Daif əl-Cami, 1385). Bu səbəbdən Uca Allah buyurur: “Allah ayələri sizə belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz”, yəni bu məsəllərdən ibrət alasınız, mənasını anlayasınız və nəzərdə tutulduğu kimi qavrayasınız – deyə Allah ayələri sizə belə bəyan edir. Necə ki başqa bir ayədə belə buyurur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (“əl-Ənkəbut”, 43).
əl-Bəqərə, 267-269
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ * الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ * يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir.
268. Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf (bolluq) vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
269. Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.

 
Uca Allah bu ayədə mömin qullarına Allahın onlara ruzi olaraq verdiyi, qazandıqları mallardan və Allahın onlar üçün yer üzündə bitirdiyi meyvə və əkinlərdən Onun yolunda xərcləməyi əmr edir. İbn Abbasa (Allah ondan razı olsun) görə, burada sədəqə nəzərdə tutulur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah mömin qullarına mallarının ən təmiz, ən gözəl olanından xərcləməyi əmr edir, mallarından xarab, keyfiyyətsiz və pis olanları sədəqə verməkdən çəkindirmişdir. Çünki Allah gözəldir və yalnız gözəl olanı qəbul edər. Bu səbəbdən Uca Allah buyurur: “Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın”, yəni sizə verildiyi təqdirdə almayacağınız, alası olsanız belə, yalnız (hörmət xatirinə) göz yumub alacağınız şeyləri pay verməyə cəhd etməyin. Belə şeyləri qəbul etməkdən Allah ucadır. Bu səbəbdən istəmədiyiniz şeyləri Allah üçün verməyin. Ayənin mənasının belə olduğu da deyilir: “Halal malı qoyub harama can atmayın və sədəqələrinizi haram maldan verməyin”. Burada İmam Əhmədin rəvayət etdiyi bu hədisi qeyd etmək münasibdir. İmam Əhməd İbn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Həqiqətən, Allah ruzinizi aranızda bölüşdürdüyü kimi xasiyyətlərinizi də aranızda bölüşdürmüşdür. Həqiqətən, Allah dünya malını sevdiyinə də, sevmədiyinə də verir. Dini isə yalnız sevdiyinə verir. Bilin ki, Allah kimə din vermişsə, demək, onu sevmişdir. Canım əlində olana (Allaha) and olsun ki, bir qulun qəlbi və dili təslim olmayınca özü müsəlman olmaz. Qonşusu pisliklərindən əmin olmayan kimsə iman gətirmiş sayılmaz”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi qulun qonşusuna pislikləri nədir?” Peyğəmbər ﷺ dedi: “Onu aldatması və ona zülm etməsidir. Haram mal qazanan qul onu xərcləsə, ona bərəkət verilməz. Onu sədəqə versə, qəbul edilməz. Özündən sonra qoyub-getsə, onu ancaq Cəhənnəmə aparan bir azuqə olar. Allah pis əməli pis əməllə silməz, lakin pis əməli yaxşı əməllə silər. Çünki pislik pisliyi silməz”. (“əl-Musnəd” (3672). əl-Hafiz İbn Kəsir bu hədisi bir daha “Hud” surəsinin 114-cü ayəsinin təfsirində gətirəcək. (Əhməd Şakir). Əhməd, 3672. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1625; Daif ət-Tərğib vət-Tərhib, 1076). Doğru olan isə birinci rəydir.
İbn Cərir Uca Allahın “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın” ayəsinin təfsirində rəvayət etmişdir ki, əl-Bəra ibn Azib (Allah ondan razı olsun) demişdir: “Bu ayə biz ənsarlar haqqında nazil olmuşdur. Xurma yığımı vaxtı yetişəndə ənsarlar bağlarından təzə xurma salxımları gətirib Peyğəmbərin ﷺ məscidində iki dirək arasında çəkilmiş ipdən asardılar. Kasıb mühacirlər bu xurmadan yeyərdilər. Bizdən bəziləri isə keyfiyyətsiz xurmanı gətirib təzə xurmaların yanından asardı və belə etməyin icazəli olduğunu zənn edərdilər. Uca Allah da belə edənlər barədə bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın”. (əl-Hakim, 3127). Hədisi İbn Məcə, İbn Mərdəveyh və əl-Hakim əl-Bəra ibn Azibdən (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədis Muslimin şərtinə görə səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (ət-Tabəri (6139), əl-Hakim (2/285). əl-Hakim demişdir: “Hədis Muslimin şərtinə uyğundur”. əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). İbn Əbu Hatim də əl-Bəra ibn Azibdən buna oxşar hədis rəvayət etmiş və sonuna bu əlavəni etmişdir: “Peyğəmbər ﷺ dedi: “Sizdən birinizə verdiyiniz xurmalar kimi keyfiyyətsiz bir şey verilsəydi, siz onu gözünüzü yumaraq və ya utanaraq götürərdiniz!” Bəra ibn Azib dedi: “Bundan sonra biz, ən keyfiyyətli malımızı Allah yolunda sərf etməyə başladıq”- əlavəsini etmişdir. (İbn Əbu Hatim, 2803). ət-Tirmizi də buna oxşar hədis rəvayət etmiş, sonra demişdir: “Həsən-ğarib hədisdir”. (ət-Tirmizi, 2987, 3255; əl-Beyhəqi “Sunənul-Kubra” 7319, 7777. Hədis səhihdir) İmam Əhməd Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbərin ﷺ yanına varan (iri kərtənkələ) əti gətirdilər. Peyğəmbər ﷺ ondan yemədi, lakin qadağan da etmədi. Mən dedim: “Ey Allahın Elçisi, onu kasıblara yedizdirəkmi?” Peyğəmbər ﷺ dedi: “Özünüz yemədiyiniz şeyləri kasıblara yedirtməyin”. (“əl-Musnəd” (6/105, 123, 144) səhih isnadlarla rəvayət olunur. Hədisi əl-Heysəmi “Məcməuz-Zəvəid” əsərində (3/113) qeyd etmiş və ət-Tabəraniyə nisbət etmişdir. Sonra demişdir: “Hədisin raviləri etibarlıdır”. Lakin “əl-Musnəd”ə nisbət etməyi unutmuşdur. (Əhməd Şakir). Əhməd, 24780, 25153, 25623. Hədisin isnadı həsəndir. Bax: Silsilə əs-Səhihə, 2426).  
Rəvayət olunur ki, Bəra ibn Azib (Allah ondan razı olsun) Uca Allahın “Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın” ayəsi barədə demişdir: “Bir adamın başqa birindən alacağı olsa, o da gətirib bunu versə, onu almazdı. Alsa belə, qarşı tərəfin onun haqqını azaltmış olduğunu görərək qəbul edərdi”. (ət-Tabəri, 6151, 6186). Bu hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (6151), (Əhməd Şakir). İbn Abbas (Allah ondan razı olsun) isə Uca Allahın “Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın” ayəsi barədə demişdir: “Sizdən birinin başqasından alacağı olsa, o da sizin haqqınızdan daha azını sizə gətirsə, onu yaxşı qəbul etməzsiniz, əksinə, nöqsan qəbul edərsiniz”. Uca Allahın “Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın” sözü də belədir. Uca Allah bu ayədə buyurur: “Mənim sizin üzərinizdəki haqqım mallarınızın ən təmiz və ən yaxşılarından xərcləmək olduğu halda, özünüz üçün razı qalmadığınız bir şeyi mənim üçün verməyə necə razı olarsınız?” (ət-Tabəri, 6152, 6187). Hədisi İbn Əbu Hatim və İbn Cərir rəvayət etmişlər. İbn Cərir hədisə: “Bu, Uca Allahın: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız” (“Ali-İmran”, 92) ayəsinə uyğundur”- əlavəsini etmişdir. (ət-Tabəri (6152), (Əhməd Şakir). ət-Tabəri, 6152, 6187).  
Uca Allah buyurur: “Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir”, yəni Allah sizə sədəqə verməyi və mallarınızın yaxşısından verməyi əmr etsə də, bilin ki, Onun buna ehtiyacı yoxdur. Bu yalnız zənginlə kasıbın bərabər tutulması üçündür. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Onların (qurbanlıq heyvanların) nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar” (“əl-Həcc”, 37). O yaratdıqlarının hamısından Zəngindir və onlara möhtac deyil, bütün yaratdıqları isə Ona möhtacdır. Onun lütfü genişdir, Onun yanında olan nemətlər əsla tükənməz. Kim təmiz bir qazancdan sədəqə versə, bilsin ki, Allah Zəngindir, lütfü genişdir, Səxavətlidir, Comərddir (bol əta edən), verdiyi sədəqəyə görə qulunu mükafatlandıracaq və bu etdiyini onun üçün qat-qat artıracaq. Kim kasıb və zalım olmayana (Allaha) borc versə, bilsin ki, Allah Tərifəlayiqdir. Yəni bütün işlərində, sözlərində, qoyduğu qanunlarında və təqdir etməsində təriflənmişdir. Ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Ondan başqa Rəbb də yoxdur.
Uca Allah buyurur: “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf (bolluq) vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. İbn Əbu Hatim Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Həqiqətən, şeytan da, mələk də Adəm övladının qəlbinə fikirlər salar. Şeytanın qəlbə fikirlər salması onu pisliklərlə hədələməsi və haqqı yalan saymağa vadar etməsidir. Mələyin qəlbə fikirlər salması isə onu xeyirlə müjdələməsi və haqqı təsdiq etdirməsidir. Sonuncunu öz nəfsində (qəlbində) duyan kəs bu düşüncənin Allah tərəfindən olduğunu bilsin və buna görə Allaha həmd etsin! Birincini qəlbində hiss edən kəs isə şeytandan Allaha sığınsın!” Sonra Peyğəmbər ﷺ Uca Allahın bu ayəsini sonuna qədər oxudu: “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf (bolluq) vəd edir”. (İbn Əbu Hatim, 2810; ət-Tirmizi, 2988, 3256;  əl-Heysəmi “Məvariduz-Zaman” 40. Hədis səhihdir. Bax: ən-Nəsihə, 34). Hədisi bu şəkildə ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. İbn Hibban da “Səhih” əsərində rəvayət etmişdir. Əbu Bəkr ibn Mərdəveyh buna oxşar hədisi İbn Məsuddan (Allah ondan razı olsun), o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir. Həmçinin eyni hədisi İbn Məsudun (Allah ondan razı olsun) sözü olaraq da rəvayət etmişdir. Ən doğrusunu Allah bilir! (ət-Tabəri (6170) hədisi bu şəkildə rəvayət etmişdir. ət-Tabərinin və İbn Əbu Hatimin rəvayət etdikləri isnadlar səhihdir. Sonra ət-Tabəri hədisi başqa isnadlarla səhabənin sözü olaraq rəvayət etmişdir (6171–6176) ət-Tirmizi və İbn Kəsir hədisin həm səhabə, həm də Peyğəmbərə ﷺ nisbət olunan rəvayətlərinin mötəbər olmadığına işarə etmişlər. Lakin əgər hədisin sənədi səhihdirsə, bu heç də hədisin səhihliyinə xələl gətirən səbəb sayılmır. Digər tərəfdən hədis səhabənin sözü olsa da, belə bir sözün rəylə və ya qiyasla deyilməsi mümkün deyil. Beləliklə, hədis zahirən səhabənin sözü olsa da, hökm baxımından Peyğəmbərə ﷺ nisbət olunur. (Əhməd Şakir).
Uca Allahın “Şeytan sizi yoxsulluqla qorxudur” sözünün mənası belədir: yəni şeytan sizi kasıbçılıqla qorxudur ki, əlinizdə olanlardan möhkəm yapışıb və onu Allahın razılığını qazanmaq üçün xərcləməyəsiniz; “və yaramaz işlər görməyi əmr edir”, yəni şeytan sizə əlinizdə olanı yoxsulluq qorxusundan Allah rizası üçün xərcləməyi qadağan etməklə bərabər, sizə günahları, haramları və Uca Yaradana qarşı çıxmağı əmr edir; “Allah isə sizə Öz tərəfindən bağışlanma”, yəni Allah isə şeytanın sizə çirkin şeyləri əmr etməsinə qarşılıq olaraq bağışlanma və “lütf (bolluq) vəd edir”, yəni şeytanın sizi kasıbçılıqla qorxutmasına qarşılıq olaraq Allah sizə bolluq vəd edir, “Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Uca Allah buyurur: “Allah istədiyi kəsə hikmət bəxş edir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni Quranı, nasix (başqa ayənin hökmünü ləğv edən) və mənsux (hökmü ləğv edilmiş) ayələri, muhkəm (mənası aydın olan) və mutəşabih (mənası aydın olmayan) ayələri, İslamın əvvəlində və sonradan nazil olan ayələri, halalı, haramı və Quranda çəkilən məsəllərin mənasını bilməkdir”. (ət-Tabəri, 6177, 6211). Mucahid demişdir: “Uca Allahın “Allah istədiyi kəsə hikmət bəxş edir” ayəsindəki hikmət peyğəmbərlik deyil, elm, fiqh və Qurandır”. (İbn Əbu Hatim, 2823; ət-Tabəri, 6181, 6215). Malik demişdir: “Mənə elə gəlir ki, hikmət Allahın dinini dərk etmək və Allahın Öz rəhmət və lütfü ilə qəlblərə qoymuş olduğu bir şeydir. Bunu açıqlayan hal budur ki, sən bir adamın dünya işlərində ağıllı və tədbirli olduğunu görərsən. Bir başqasını isə dünya işlərində zəif, dini işlərində elmli və bəsirətli olduğunu görərsən. Allah bunu ona vermiş, digərini isə məhrum etmişdir. Hikmət Allahın dinini başa düşməkdir”. (İbn Əbu Hatim, 2829). Əksər alimlərin söylədiyi kimi, doğru olan budur ki, hikmət yalnız peyğəmbərliyə aid deyildir. Əksinə, hikmət bundan daha genişdir. Ən yüksək hikmət peyğəmbərlikdir, rəsulluq dərəcəsi isə daha xüsusidir. Lakin peyğəmbərlərin ardınca gedənlərin tabeçilik baxımından bu xeyirdən bir payı var. İmam Əhməd İbn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Yalnız iki nəfər qibtə olunmağa layiqdir: o adam ki, Allah ona var-dövlət vermiş, o da bu var-dövlətdən haqq yolda xərcləmişdir; bir də o adam ki, Allah ona hikmət bəxş etmiş, o da bununla hökm etmiş və bunu başqalarına öyrətmişdir”. (əl-Buxari, 73, 1409; Muslim, 1352, 1933). Hədisi bu şəkildə əl-Buxari, Muslim, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. (“əl-Musnəd” (4109), əl-Buxari (1/151-153, 3/219, 13/107-253, “Fəthul-Bari”), Muslim (1/224), İbn Hibban (90), (Əhməd Şakir).
Uca Allah buyurur: “Bunu isə ancaq düşüncəli insanlar anlayarlar”, yəni bu nəsihət və xəbərdarlıq yalnız ağıl və dərrakə sahiblərinə, nəsihəti və xəbərdarlığı dərk edib mənasını başa düşənlərə fayda verər.
əl-Bəqərə, 270-271
وَمَا أَنْفَقْتُمْ مِنْ نَفَقَةٍ أَوْ نَذَرْتُمْ مِنْ نَذْرٍ فَإِنَّ اللَّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ * إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
270. Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri, şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.
271. Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.
 

Uca Allah bu ayədə xeyir işlər görənlərin, sədəqə verənlərin və nəzir edənlərin bütün əməllərindən xəbərdar olduğunu bildirir. Allah bu ayə ilə eyni zamanda Onun vəd etdiyinə ümid edərək, yalnız Onun razılığını qazanmaq üçün yaxşı əməl edənləri ən gözəl mükafatla müjdələyir. Ona itaətdən boyun qaçıraraq əmrinə qarşı çıxan, verdiyi xəbərləri yalan sayan və Allahla bərabər başqa şeylərə ibadət  edənləri isə təhdid edir. Uca Allah buyurur: “Zalımların isə köməkçiləri olmaz”, yəni Qiyamət günü onları Allahın əzabından və qəzəbindən qurtaracaq köməkçiləri olmaz.
Uca Allah buyurur: “Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl”, yəni sədəqələri aşkar şəkildə verməyiniz gözəl əməldir.
Sonra buyurur: “Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar”. Bu ayə dəlalət edir ki, sədəqəni gizlətmək aşkarda verməkdən daha əfzəldir, çünki belə etmək riyadan daha uzaqdır. Yalnız insanların bu yaxşı əməli mənimsəməsi kimi bir faydası olarsa, bu halda aşkarda vermək daha yaxşı olar. Peyğəmbər ﷺ demişdir: “Quranı səslə oxuyan aşkarda sədəqə verən, Quranı səssiz oxuyan isə gizlində sədəqə verən kimidir”. (“əl-Musnəd” (17440, 17517), Əbu Davud (1333), ət-Tirmizi (4/56), ən-Nəsəi (1/245, 357). Uqbə ibn Amirdən rəvayət olunur. Hədisin isnadları səhihdir. (Əhməd Şakir). ət-Tirmizi, 2919, 3169. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3105). Əslində isə bu ayəyə görə, sədəqəni gizlində vermək daha əfzəldir. Həmçinin əl-Buxari və Muslimin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri bir hədis də buna dəlalət edir. Bu hədisdə Peyğəmbər ﷺ demişdir: “Yeddi qisim insan var ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”- deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və ya qadındır)”. (ət-Tabərani “əl-Kəbir” və “əl-Əvsət” əsərlərində Muaviyə ibn Heydənin (Allah ondan razı olsun) hədisinin içində rəvayət etmişdir. “əl-Kəbir” əsərində isə Əbu Uməmənin (Allah ondan razı olsun) hədisində rəvayət etmişdir. İsnadları yaxşıdır. Həmçinin zəif isnadlarla da rəvayət edilib. Bax: əz-Zəvaid (3/115), (Əhməd Şakir). Muslim, 1031, 1712). Bu ayə ümumi olaraq gizlində verilən sədəqənin daha əfzəl olmasına dəlalət edir. İstər sədəqə fərz (zəkat) olsun, istər nafilə olsun. Lakin İbn Cərir  bu ayənin təfsirində İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allah gizlində verilən nafilə sədəqəni aşkarda veriləndən yetmiş qat üstün etmişdir. Aşkarda verilən fərz sədəqəni (zəkatı) isə gizlində veriləndən iyirmi beş qat üstün etmişdir”. (ət-Tabəri (6197). “əd-Durul-Mənsur” əsərində (1/353) bildirildiyi kimi, hədisi İbn Əbu Hatim və İbn əl-Munzir də rəvayət etmişlər. (Əhməd Şakir). əl-Qurtubi “Təfsir” 3/332).
Uca Allah buyurur: “Allah sizin bəzi günahlarınızdan keçər”, yəni verdiyiniz sədəqələr qarşılığında, xüsusilə gizli olaraq verdiyiniz sədəqələr qarşılığında xeyrə nail olarsınız. Uca Allah sizin dərəcələrinizi yüksəldər və günahlarınızdan keçər. Bu ayədə olan يُكَفِّرُ [yukəffiru] “keçər” feili həmçinin نُكَفِّرُ [nukəffiru] “keçərik” kimi də oxunmuşdur. Bu qiraətdəki نُكَفِّرُ [nukəffiru] “keçərik” feili iki formada oxunmuşdur. Həm “raf” halında (xəbər formasında), həm də əvvəl keçən şərt cümləsinin cavabına فَنِعِمَّا هِيَ [fəniimmə: hiyə] “bu çox gözəl” cümləsinə aid edilərək “cəzm” halında (şərt formasında) oxunmuşdur. (Əlyazmada sabit olan budur ki, İbn Kəsir burada نُكَفِّرُ [nukəffiru] “keçərik” qiraətini qeyd etmişdir. Xəbər və ya şərt formasında oxunmasında ixtilaf olan da bu qiraətdir. Nafi, Həmzə, əl-Kisəi, Əbu Cəfər və Xələf (ibn Hişam) bu feili نُكَفِّرْ [nukəffir] “keçərik” şərt formasında oxumuşlar. İbn Kəsir, Əbu Amr, Əbu Bəkr və Yaqub isə نُكَفِّرُ [nukəffiru] xəbər formasında oxumuşlar. Lakin يُكَفِّرُ [yukəffiru] “keçər” qiraəti isə yalnız bir formada – xəbər formasında gəlmişdir. Başqa forması yoxdur. Bax: “əl-Qiraət əl-Ərbə əşara” (səh. 165), (Əhməd Şakir). Necə ki Uca Allahınفَأَصَّدَّقَ وَأَكُنْ  [fə əssaddəqa və əkun] “sədəqə verib əməlisalehlərdən olum!” (“əl-Munafiqun”, 10) ayəsi həmçinin فَأَصَّدَّقَ وَأَكُونُ [fə əssaddəqa və əku:nu] kimi də oxunmuşdur.
Sonra Uca Allah buyurur: “Allah nə etdiklərinizdən xəbərdardır”, yəni bunlardan (aşkarda və gizlində verdiyiniz sədəqələrdən) heç bir şey Allaha gizli qalmaz və bunların qarşılığında sizə mütləq mükafat verəcək.
əl-Bəqərə, 272-274
لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ * لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ * الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
272. Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.
273. Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.
274. Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

 
ən-Nəsəi İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Səhabələr müşrik qohumlarına, az da olsa, sədəqə verməyi xoşlamırdılar. Bu barədə Peyğəmbərdən ﷺ soruşduqda bu ayə nazil oldu: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”, və beləcə onlara sədəqə verməyə icazə verildi”. (Hədisin isnadı səhihdir. Mənaca oxşar hədisi səhih isnadlarla ət-Tabəri (6202, 6204, 6205) və əl-Hakim (2/285) rəvayət etmişlər. əl-Hakim hədisin səhih olduğunu bildirmiş, əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). ən-Nəsai “Sunənul-Kubra” 10986; əs-Suyutu “əd-Durrul-Mənsur” 3/331; əl-Bəzzar, 5042. əl-Hakim, 3128, 7264. əl-Hakim və əz-Zəhəbi səhih olduğunu bildirmişlər).
İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ “Onların doğru yola gəlməsi sənə aid deyildir...” ayəsi nazil olana qədər yalnız müsəlman olanlara sədəqə verməyi əmr edərdi. Bu ayə nazil olduqdan sonra dinindən asılı olmayaraq istəyənə sədəqə verilməsini əmr etdi. (Hədisin isnadı səhihdir. əs-Suyuti hədisi İbn Mərdəveyhə və əz-Diyanın “əl-Muxtəra” kitabına nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 2853; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 113-114. Hədis həsəndir). Əsmə bint əs-Siddiqin bu barədə hədisi Uca Allahın “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir” (“əl-Mumtəhənə”, 8) ayəsinin təfsirində gələcəkdir.
Uca Allahın “Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür” sözü “Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar” (“Fussilət”, 46; “əl-Casiyə”, 15) sözü kimidir. Buna bənzər ayələr Quranda çoxdur.
Uca Allah buyurur: “Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz”. əl-Həsən əl-Bəsri bu ayə barədə demişdir: “Möminin xərclədiyinin xeyri özünədir. Mömin malını xərcləyərkən yalnız Allahın Üzünü diləyərək xərcləyir”. (İbn Əbu Hatim, 2861). Əta əl-Xorasani demişdir: “Ayədə nəzərdə tutulan budur: “Əgər sən malını Allahın Üzünü diləyərək verirsənsə, verdiyin adamın əməlindən sən cavabdeh deyilsən”. (İbn Əbu Hatim, 2860). Bu, gözəl bir təfsirdir. Buradan çıxan nəticə budur ki, sədəqə verən adam Allahın Üzünü diləyərək sədəqə verərsə, onun mükafatını Allah verər. Verdiyi adamın itaətkar və ya günahkar olmasına, sədəqəyə layiq olub-olmamasına görə ona günah yazılmaz. O, niyyətinə görə savab qazanır. Ayənin sonu da məhz buna dəlalət edir: “Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədis də buna dəlildir. Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Bir nəfər: “Mən mütləq sədəqə verəcəyəm”, – dedi, sonra da (verəcəyi) sədəqəni götürüb (evdən) çıxdı və (özü də bilmədən) onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğruya sədəqə verilmişdir,”– deyə danışmağa başladılar. Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”, – dedi, sonra verəcəyi sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”, – deyə danışmağa başladılar. Adam: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqə) zinakar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm”, – dedi, sonra sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar: “Varlıya sədəqə verilmişdir”, – deyə danışmağa başladılar. Adam dedi: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqələr) oğruya, zinakara və varlıya qismət oldu”. Bundan sonra bir nəfər onun yanına gəlib dedi: “Sənin sədəqən qəbul olundu. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o (ibrət alıb) zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o (bundan) ibrət alsın və Allahın ona verdiyi nemətlərdən (Onun yolunda) xərcləsin. Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o (bundan ibrət alsın) və oğurluq etməkdən əl çəksin”. (əl-Buxari, 1332, 1421; Muslim, 1698, 2409).
Uca Allah buyurur: “Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür”. Ayədə Mədinədə məskunlaşmış, iş-güclərini buraxıb həyatlarını Allah və Elçisinə ﷺ həsr etmiş mühacirlər nəzərdə tutulur. Onlar özlərini təmin edəcək bir məşğuliyyətə sahib deyildilər. “Yer üzündə hərəkət edə bilməyən”, yəni məişətlərini təmin etmək üçün səfər edə bilməyən kəslərdir. Yer üzündə hərəkət etmək səfərə çıxmaqdır. Uca Allah buyurur: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz” (“ən-Nisa”, 101). Başqa bir ayədə buyurur: “O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaq” (“əl-Muzəmmil”, 20).
Uca Allah buyurur: “Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir”, yəni onları tanımayanlar və hallarını bilməyənlər geyimlərinə, zahiri görünüşlərinə və sözlərindəki iffətlərindən dolayı onları zəngin sanar. Bu mənada Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən və səhihliyində ittifaq edilmiş bir hədisdə Peyğəmbər ﷺ demişdir: “İnsanlar arasında gəzib-dolaşıb bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil. Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı yoxdur, vəziyyətinin ağır olduğunu heç kəsə bildirmir və buna görə də ona sədəqə verilmir, özü də insanlardan heç bir şey istəmir”. (Muslim, 1722, 2440; əl-Beyhəqi “Sunənul-Kubra” 13147, 13525). Həmçinin bu hədisi İmam Əhməd İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əbu Hureyranın (Allah ondan razı olsun) hədisi “əl-Musnəd” əsərindədir (7530, 7531). Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. İbn Məsudun (Allah ondan razı olsun) hədisi də “əl-Musnəd” əsərindədir (3636, 4260), lakin isnadı zəifdir (Əhməd Şakir).
Bu hədis “əl-Hicr” surəsinin 75-ci ayəsinin təfsirində gələcəkdir. Hədisi ət-Tirmizi, İbn Cərir və İbn Əbu Hatim Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). ət-Tirmizi, 3127, 3419. Hədis zəifdir. Bax: Daif əl-Cami, 127, Silsilə əd-Daifə, 1821).  
Uca Allah buyurur: “Sən onları üzlərindən tanıyırsan”, yəni onları ağıl sahibləri tərəfindən bilinən sifətləri ilə tanıyarsan. Bu mənada Uca Allah başqa ayədə belə buyurur: “Əlamətləri isə üzlərində olan səcdə izidir” (“əl-Fəth”, 29); “Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan” (“Muhəmməd”, 30). Sunən kitablarında rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Möminin fərasətindən (zəkasından) qorxun, çünki o, Allahın nuru ilə baxar”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır” (“əl-Hicr”, 75)”.
Uca Allah buyurur: “Onlar insanlardan israrla bir şey istəməzlər”, yəni onlar bir şey istəməkdə israr etməzlər və ehtiyacları olmayan şeyi insanlara yükləməzlər. Kim ehtiyacı olmadan dilənçilik edərsə, artıq istəməkdə israr etmişdir.
əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “(İnsanlar arasında gəzib-dolaşıb) bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyildir. Yoxsul o adamdır ki, (onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır olduğunu heç kəsə bildirməz və buna görə də ona sədəqə verilməz, özü də) həya edib insanlardan heç bir şey istəməz. İstəyirsinizsə, Allahın bu ayəsini oxuyun: “...Onlar insanlardan israrla bir şey istəməzlər”. (əl-Buxari, 4175, 4539; Muslim, 1723, 2441). Muslim və ən-Nəsəi bu hədisi oxşar mətnlə rəvayət etmişlər. (əl-Buxari (8/152, “Fəthul-Bari”), Muslim (1/283), (Əhməd Şakir). İmam Əhməd Cəfər ibn Abdullah ibn əl-Həkəmdən, o da Muzeynə qəbiləsindən olan bir kişidən rəvayət etmişdir ki, bir dəfə anası ona demişdir: “Bəlkə, sən də insanların istədiyi kimi gedib Peyğəmbərdən ﷺ bir şey istəyəsən!?” Kişi dedi: “Mən də Peyğəmbərdən ﷺ bir şey istəmək üçün getdim. Peyğəmbərin ﷺ yanına gəldikdə onu ayaq üstə xütbə dediyini gördüm. Peyğəmbər ﷺ belə deyirdi: “Kim nəfsini (dilənməkdən) saxlayarsa, Allah onu iffətli edər (dilənməyə möhtac etməz). Kim aza qane olsa, Allah onu (qəlbən) zəngin edər. Beş uqiyyə (Bir uqiyyə qırx gümüş dirhəm miqdarındadır. Onu da beşə vuranda 200 dirhəm edir. Bu isə 595 q gümüşə bərabərdir). malı olduğu halda insanlardan istəyən, insanlardan israrla istəmiş (dilənçilik etmiş) sayılar”. Mən öz-özümə dedim: “Mənim bir dəvəm beş uqiyyədən daha xeyirlidir. Üstəlik, onun oğlunun başqa bir dəvəsi də var və o da beş uqiyyədən daha xeyirlidir”. (Bunu düşündükdən sonra) geri döndüm və heç nə istəmədim”. (“əl-Musnəd” (17303), əz-Zəvaid (3/95). əl-Heysəmi demişdir: “Əhməd rəvayət etmişdir. Raviləri etibarlıdır”. (Əhməd Şakir). Əhməd, 11002, 17276, 17369. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6022, 6027; Silsilə əs-Səhihə” 2314). İmam Əhməd Abdur-Rahmən ibn Əbu Səidin, onun da atasından belə dediyini rəvayət etmişdir: “Bir dəfə anam məni (yeməyə bir şey) istəmək üçün Peyğəmbərin ﷺ yanına göndərdi. Mən Peyğəmbərin ﷺ yanına gəlib oturdum. Peyğəmbər ﷺ üzünü mənə tərəf çevirib dedi: “Kim azla qane olsa, Allah onu (qəlbən) zəngin edər. Kim nəfsini (dilənməkdən) saxlayarsa, Allah onu iffətli edər (dilənməyə möhtac etməz). Kim (sədəqədən) imtina edərsə, Allah ona yetər. Bir uqiyyə qədər malı ola-ola istəyən şəxs israrla istəyənlərdəndir”. Mən öz-özümə dedim: “Yaqutə adlı dəvəm bir uqiyyədən də xeyirlidir”. Bu səbəbdən qayıtdım və Peyğəmbərdən ﷺ heç nə istəmədim”. (Əhməd, 11060, 11075; ən-Nəsəi “Sunən” 2548, 2595, 2607; əd-Dəraqutni “Sunən” 1988. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1719). Əbu Davud və ən-Nəsəi belə rəvayət etmişlər. (“əl-Musnəd” (11075), isnadı səhihdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir”, yəni bu şeylərdən heç nə Allaha gizli qalmaz. Allah bunun mükafatını ən gözəl şəkildə verəcək və Qiyamət günü savaba ən çox ehtiyac duyacağınız bir vaxtda bu mükafatı sizin üçün tamamlayacaq.
Uca Allah buyurur: “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. Bu ayə ilə Uca Allah mallarını Onun yolunda, Onun razılığını umaraq günün hər vaxtında istər gecə, istərsə də gündüz və istənilən halda – istər gizlində, istərsə də aşkarda xərcləyənləri tərifləyir. Hətta insanın öz ailəsinə xərclədiyi də bu hökmə daxildir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində varid olan hədisdə Peyğəmbər ﷺ Məkkənin fəth edildiyi il – bir rəvayətə görə isə vida həcci ilində – Sad ibn Əbu Vəqqas (Allah ondan razı olsun) xəstə ikən ona baş çəkməyə getdikdə ona belə demişdir: “Sən Allahın Üzünü diləyərək xərclədiyin sədəqənin hətta həyat yoldaşının ağzına qoyduğun loxmaya görə belə (Allah qatında) dərəcən və hörmətin artacaq”. (Hədisi əl-Buxari bir neçə yerdə (3/132) və Muslim (2/8-9) Sad ibn Əbu Vaqqasdan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 1213, 1295, 5896). İmam Əhməd Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Bir müsəlman əvəzini Allahdan umaraq (malından) ailəsinə bir şey xərcləsə, bu onun üçün sədəqə sayılar”. (əl-Buxari “Ədəbul-Mufrad” 749. Hədis səhihdir). Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (“əl-Musnəd” (17178), (Əhməd Şakir).  
Uca Allah buyurur: “Öz Rəbbi yanında mükafatı vardır”, yəni dünyada ikən mallarını Allaha itaətdə xərclədiklərinə görə Qiyamət günü Rəbləri yanında mükafatları var. “Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. Bu cümlənin təfsiri əvvəlki ayələrdə keçmişdir. (Bu surənin 38, 112 və 262-ci ayələrin təfsirində keçmişdir. (Əhməd Şakir).
əl-Bəqərə, 275
الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ وَمَنْ عَادَ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
275. Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”- demələrinə görədir. Halbuki Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

 
Uca Allah əvvəlki ayələrdə sədəqə verən, zəkatlarını çıxaran, hər vaxt və istənilən halda qohumlarına və ehtiyac sahiblərinə yaxşılıq edən, onlara sədəqə verən itaətkar qullarını zikr etdikdən sonra bu ayədə sələm və insanların mallarını haqsız yerə şübhəli yollarla yeyənləri zikr etməyə başladı. Uca Allah onların qəbirlərindən qalxıb çıxacaqları və məhşərə toplaşacaqları günü xəbər verərək buyurur: “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar”, yəni Qiyamət günü onlar şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qəbirlərindən qalxarlar. Onlar çirkin bir şəkildə qəbirlərindən qalxacaqlar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sələm yeyən Qiyamət günü nəfəsi boğulmuş dəli kimi qəbirdən qalxar”. (ət-Tabəri (6242), isnadı səhihdir. Həmçinin İbn əl-Munzir rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 6242, 6281). Bu hədisi İbn Əbu Hatim rəvayət etmiş və demişdir: “Mənaca bu hədisə oxşar rəvayət Avf ibn Malik, Səid ibn Cubeyr, Qatədə və başqalarından rəvayət edilmişdir”. İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Qiyamət günü sələm yeyənə deyiləcək: “Döyüş üçün silahını götür”. Sonra İbn Abbas bu ayəni oxudu: “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar” və dedi: “Bu onların qəbirlərindən qalxdığı an baş verəcəkdir”. (ət-Tabəri (6241), isnadı səhihdir. Bu və bundan əvvəlki hədisin mətni səhabədən rəvayət olunsa da, Peyğəmbərə ﷺ nisbət olunmuş hədisin hökmündədir. Çünki bu kimi şeylər rəylə deyilə bilməz. (Əhməd Şakir). ət-Tabəri, 6241, 6280).
Uca Allah buyurur: “Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”- demələrinə görədir. Halbuki Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir”, yəni onlar Allahın şəriətinə və verdiyi hökmlərinə qarşı çıxdıqlarına görə belə cəzalandırılmışlar. Onlar belə deməklə (Alış-veriş də sələmçilik kimidir!) alış-verişi sələmlə müqayisə etmək istəməmişlər. Çünki müşriklər Allahın Quranda qanun olaraq bildirdiyi alış-verişin qanuni olduğunu etiraf etmirdilər. Əgər onlar müqayisə etməyi nəzərdə tutsaydılar, o zaman: “Sələmçilik də alış-veriş kimidir!”- deyərdilər. Lakin onlar “Alış-veriş də sələmçilik kimidir!”- dedilər. Yəni alış-veriş də sələmin bənzəridir. Nə üçün biri haram, digəri isə halal edilmişdir? Bu isə onlar tərəfindən Allahın şəriətinə etirazdır. Yəni alış-veriş də sələm kimidir. Allah birini halal etmişdir, digərini isə haram etmişdir. Ola bilsin ki, Uca Allahın “Halbuki Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir” sözü onların dediklərinə cavabdır. Yəni onlar Allahın sələmlə alış-verişin hökmünü ayırdığını bildiklərinə baxmayaraq, Allahın qoyduğu qanuna etiraz edirlər. Allah hər şeyi Biləndir, verdiyi hökmlərdə Hikmət sahibidir. Onun hökmünü ləğv edən olmaz. Allah gördüyü işlər üçün məsuliyyət daşımaz, onlar isə daşıyacaqlar. Allah işlərin mahiyyətini və faydalarını bilir. Qullarına fayda verəcək şeyləri bilir və onları qullarına mübah (icazəli) edir. Onlara zərər verəcək şeyləri də bilir və onları qadağan edir. Allahın qullarına olan mərhəməti bir ananın yeni doğulmuş uşağına göstərdiyi mərhəmətdən qat-qat üstündür. Bu səbəbdən Uca Allah buyurur: “Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar”, yəni Allahın sələmi qadağan etməsi xəbəri bu şəxsə çatdıqda bu qadağa ona çatan kimi sələmdən imtina etsə, daha əvvəl aldığı sələm ona qalır. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Allah olub-keçənləri bağışlamışdır” (“əl-Maidə”, 95). Peyğəmbər ﷺ Məkkənin fəthi günü demişdir: “Cahiliyyə dövründəki bütün sələmlər iki ayağımın altındadır (qüvvədən düşmüşdür). Ləğv etdiyim ilk sələm isə Abbasın sələmidir”. (əl-Hafiz İbn Kəsir burada səhvə yol vermişdir. Belə ki bu xütbə Məkkənin fəthi günü deyil, Vida həccində Peyğəmbərin ﷺ Arafada vediyi xütbədə deyilmişdir. Bu barədə “əl-Musnəd”də (14492), Muslimin “Səhih” əsərində (1/346-348) və Əbu Davudda (1905) Cabirdən (Allah ondan razı olsun) rəvayət olunan uzun hədisə baxa bilərsən. Həmçinin İbn Seyydun-Nəsin “Sira” kitabına bax (2/275), (Əhməd Şakir). Muslim, 2137, 3009; Əbu Davud, 2539; ət-Tirmizi, 3087, 3367) Peyğəmbər ﷺ cahiliyyə dövründə alınmış faizlərin (əlavələrin) geri qaytarılmasını əmr etmədi. Əksinə, olub-keçənləri əfv etdi. Necə ki Uca Allah burada: “olub-keçənlər ona bağışlanar”, – buyurur. Yəni haram edilməmişdən əvvəl yediyi sələm bağışlanar.
Sonra Uca Allah buyurur: “Sələmçiliyə qayıdanlar isə”, yəni Allahın sələmi qadağanetmə əmri çatdıqdan sonra kim təkrar sələmə dönsə və sələm yesə (və ya alsa), cəzaya layiqdir və əleyhinə dəlil artıq qalxmışdır. Bu səbəbdən Uca Allah onlar barədə buyurur: “Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar”. Peyğəmbər ﷺ demişdir: “Kim “muxabərəni” tərk etməsə, Allah və Onun Elçisinin ona müharibə elan etdiyini bilsin”. (əl-Hakim, 3129; Əbu Davud, 3408. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 990). Hədisi əl-Hakim rəvayət etmiş və demişdir: “Muslimin şərtinə görə, səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (Əbu Davud (3406), əl-Hakim (2/285-286). Lakin Əbu Davudun rəvayətində ayə qeyd edilməyib. (Əhməd Şakir).
Muxabəra, muzəbənə və muhəqalə haram edilmiş ticarət növlərindəndir. Muxabəra – torpaq sahibinin torpaqdan yığılan məhsulun bir hissəsini icarə haqqı olaraq almasıdır. Muzəbənə – ağacın üstündəki yaş xurmanı yerdəki quru xurmaya dəyişməkdir. Muhəqalə – yetişməmiş dənli bitkiləri hələ sünbüldə ikən yetişmiş dənli bitkilərə dəyişməkdir. Bu və buna bənzər alış-veriş sələmin qarşısını qətiliklə kəsmək məqsədilə qadağan olunmuşdur, çünki qurumadan öncə iki məhsul arasındakı bərabərlik bilinə bilməz. Bu səbəbdən fiqh alimləri: “Bərabərliyin bilinməməsi bərabərsizliyin mövcud olması deməkdir”, – demiş və elə buna görə də sələmə aparan yolları daraltmaq, səbəbləri aradan qaldırmaq məqsədilə bəzi şeylərin haram olduğunu söyləmişlər. Alimlərin bu məsələdə söylədikləri rəylər Allahın onlara bəxş etdiyi elmə görə dəyişir. Necə ki Uca Allah buyurur: “Hər bilik sahibindən də üstün bir bilən vardır” (“Yusuf”, 76).
Sələm mövzusu elm əhlindən bir çoxuna ən çətin gələn mövzulardandır. Möminlərin əmiri Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Üç şey var ki, Peyğəmbərin ﷺ bu mövzuda əsaslanacağımız bir vəsiyyətinin olmasını istərdim. Bunlar babanın mirası, kələlə (atası və uşağı olmadan ölən adamın mirası) və sələmin bəzi növləridir”. (əl-Buxari (10/43, “Fəthul-Bari”), Muslim (2/401-402) Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişlər. əl-Hafiz İbn Həcər bu hədisin şərhində demişdir: “Ola bilsin ki, Ömər (Allah ondan razı olsun) bununla “əl-Fəzl” sələmini (pulu pulla, yeməyi yeməklə fərqli ölçüdə və qiymətə satmaq. Məsələn, bir kq yaxşı məshulu iki kq ortabab məhsulla satmaq) nəzərdə tutumuşdur. Çünki “ən-Nəsiə” sələminin (borc verənin borc alandan gecikdirməyə görə aldığı razılaşdırılmış əlavə məbləğ) haramlığı və onunla əlaqəli məsələlər səhabələr arasında ittifaq olunmuşdur. Ömərin (Allah ondan razı olsun) sözündən görünür ki, o, sələmlə əlaqəli bəzi məsələlər barədə dəlilləri bilirdi, bəzi məsələlər barədə isə dəlillər ona çatmamışdı. Bu səbəbdən bilmədiklərini öyrənmək istəyirdi”. (Əhməd Şakir). İbn Hibban, 5353. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 8/42–43). Ömər (Allah ondan razı olsun) belə deməklə sələmlə bağlı bəzi şübhəli məsələləri nəzərdə tutmuşdur. İslam şəriətinə görə, harama vəsilə (səbəb) olan şeylər səbəb olduqları şeylər kimi haram sayılır, çünki harama aparan şeylər də haramdır. Necə ki vacibi tamamlayan hər bir şey vacib hökmündədir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində ən-Numan ibn Bəşirin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Həqiqətən, halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər var ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin”. (Bu hədis İmam ən-Nəvəvinin “Qırx hədis” kitabında gətirdiyi altıncı hədisin müxtəsər edilmiş variantıdır. (Əhməd Şakir). əl-Buxari, 52; Muslim, 1599, 4178, 5460). “Sunən” kitablarında əl-Həsən ibn Əlidən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Səni şübhələndirən şeyləri tərk et, şübhələndirməyəni götür”. (Bu hədis İmam ən-Nəvəvinin “Qırx hədis” kitabında gətirdiyi on birinci hədisdir. ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Hədis həsən səhihdir”. (Əhməd Şakir). ət-Tirmizi, 2518, 2708. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3377). Başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Günah o şeydir ki, qəlbi sıxıntıya salar, nəfsdə isə tərəddüd doğurar və sən insanların onu bilməsini istəməzsən”. (Muslim, 4632, 6680). Başqa bir rəvayətdə isə: “İnsanlar sənə fətva versələr belə, qəlbindən soruş!” (əl-Hafiz İbn Kəsir bu və bundan əvvəlki hədisi bir hədisin iki rəvayəti kimi qeyd etmişdir. Görünür, İbn Kəsir hafizəsindən rəvayət etmişdir. Bu hədisi əd-Dərimi (2/245-246) Vabisa ibn Məbəddən (Allah ondan razı olsun) rəvayət etmişdir. Vabisa Peyğəmbərin ﷺ yanına gələrək ondan yaxşılığın və günahın nə olduğunu soruşduqda Peyğəmbər ﷺ ona demişdir: “Nəfsindən soruş, qəlbindən soruş, ey Vabisa! Üç dəfə dedi. Yaxşılıq – nəfsin və qəlbin (etməsində) rahatlıq tapdığı, arxayın olduğu əməllərdir. İnsanlar sənə başqa cür fətva versələr belə, günah nəfsdə sıxıntı doğuran, qəlbdə tərəddüd yaradan əməllərdir”. Əhməd də (4/288, Hələb nəşri) buna oxşar hədisi iki isnadla rəvayət etmişdir. Muslim (2/277) rəvayət etmişdir ki, ən-Nəvvəs ibn Səman (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ yaxşılıq və günah barədə soruşmuşdur. Peyğəmbər də ﷺ belə demişdir: “Yaxşılıq gözəl əxlaqdır. Günah isə nəfsində sıxıntı yaradan və insanların da onu bilməsini istəmədiyin əməllərdir”. Əhməd də ən-Nəvvəsdən (Allah ondan razı olsun) belə rəvayət etmişdir (17708, 17709). ən-Nəvəvi Vabisa və ən-Nəvvəsin (Allah ondan razı olsun) hədisini “Qırx hədis” kitabında 21-ci hədisdə qeyd etmişdir. (Əhməd Şakir). Əhməd, 18035, 18165; əd-Dərimi “Sunən” 2533. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1734). - deyə buyurmuşdur. İbn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Peyğəmbərə ﷺ nazil olan sonuncu ayə sələm ayəsidir”. (Əhməd, 350. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir). Bu hədisi əl-Buxari rəvayət etmişdir. (əl-Buxari (8/153, “Fəthul-Bari”), ət-Tabəri (6310), (Əhməd Şakir). Əhməd Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Sələm ayəsi son nazil olan ayələrdəndir. Peyğəmbər ﷺ bizə bu ayəni tam açıqlamamışdan əvvəl vəfat etdi. Buna görə də sələmi və şübhəli olan şeyləri tərk edin!” (“əl-Musnəd” (246, 350), İbn Məca (2276), ət-Tabəri (6308), (Əhməd Şakir). Əhməd, 246. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir). İbn Məcə Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Sələmin yetmiş üç növü var”. (İbn Məcə, 2275. Hədis səhihdir). Bu hədisi əl-Hakim də rəvayət etmiş və bu əlavəni etmişdir: “(Günah baxımından) bu növlərin ən yüngülü bir kişinin anası ilə zina etməsinə bərabərdir. Ən şiddətli sələm isə bir müsəlmanın ismətinə (namusuna) toxunmaqdır”. (əl-Hakim, 2259. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1871). Sonra əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. (İbn Məcə (2275), əl-Mustədrak (2/27). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İnsanlara elə bir zaman gələcək ki, sələm yeyəcəklər”. Bir nəfər soruşdu: “Bütün insanlarmı?” Peyğəmbər ﷺ dedi: “Onlardan sələm yeməyənə (heç olmazsa) tozu bulaşacaq”. (Əhməd, 10415; ən-Nəsəi “Sunən” 4455, 4472. Şueyb əl-Arnavut zəif olduğunu bildirmişdir). Hədisi Əbu Davud, ən-Nəsəi və İbn Məcə bu şəkildə rəvayət etmişlər. (“əl-Musnəd” (10415), Əbu Davud (3331), ən-Nəsəi (2/212), İbn Məca (2278), əl-Hakim (2/11), (Əhməd Şakir).
Həmçinin harama aparan yolların haram edilməsi də bu qəbildəndir. Buna nümunə olaraq İmam Əhmədin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisi gətirmək olar. Aişə (Allah ondan razı olsun) demişdir: “əl-Bəqərə” surəsinin sonlarında sələm ayəsi nazil olduqda Peyğəmbər ﷺ məscidə gələrək bu ayələri oxudu və sərxoşedici içki ticarətini haram etdi”. (əl-Buxari, 2074, 2226, 4541; Muslim, 2958, 4130). Bu hədisi ət-Tirmizidən başqa yerdə qalan beş hədis müəllifləri rəvayət etmişlər. (Bax: “Fəthul-Bari” (8/152), (Əhməd Şakir).
Bu hədis haqqında danışan imamlardan bəziləri belə demişlər: “Sələm və sələmə aparan yollar haram edilməklə sərxoşedici içki və bu əmələ səbəb olan içki ticarəti də haram edilmişdir”. əl-Buxari və Muslimin səhihliyində ittifaq etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Allah yəhudilərə lənət etsin! Allah onlara heyvanın piyindən (istifadə etməyi) haram buyurduqda onlar onu əridib satdılar və pulunu yedilər”. (əl-Buxari oxşar mətnlə (4/344) və Muslim (1/464) Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət etmişlər. Bir çox hədis alimləri isə Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Necə ki “əl-Muntəqa” əsərində (2777) qeyd edilir. Həmçinin İbn Abbasdan (“əl-Musnəd”), (2221), Abdullah ibn Ömərdən (5982), Abdullah ibn Amr ibn Asdan (6997) və Əbu Hureyradan (əl-Buxari (4/345), Muslim (1/464) rəvayət olunur. (Əhməd Şakir). əl-Buxari, 3201, 3460; Muslim, 2961, 4134; Əbu Davud, 3490). İbn Məsud və başqalarından rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Allah sələm yeyənə, sələm ödəyənə, ona şahidlik edənə və onu yazana lənət eləsin!” (Əhməd, Əbu Davud, ət-Tirmizi və İbn Məcə İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişlər. Əhməd və Muslim isə Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Əhməd, 3125; İbn Xuzeymə, 2250; əl-Hakim, 1430. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5089). Alimlər bu barədə belə demişlər: “Belə bir müqaviləyə şahidlik etmək və onu yazmaq olmaz. Əgər şəri bir müqavilə şəklində göstərilib, lakin şəriətə zidd bir şeyi ehtiva edərsə, bu zaman müqavilənin şəkli deyil, mənası əsas götürülür. Çünki əməllər niyyətlərə görədir”. Muslimin “Səhih” əsərində Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Uca Allah sizin surətinizə və malınıza baxmaz. Lakin sizin qəlblərinizə və əməllərinizə baxar”. (Əhməd (7814), Muslim (2/280) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 4651, 6708). İmam Əbu əl-Abbas İbn Teymiyyə yazdığı “İbtalut-Təhlil” kitabında bu mövzuya toxunmuş və batilə aparan vəsilələrin vərdiş halına salınmasının qadağan olunmasını ətraflı açıqlamışdır. Allahın rəhməti onun üzərinə olsun və Allah ondan razı olsun!”
əl-Bəqərə, 276-277
يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ * إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
276. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz.
277. Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

 
Uca Allah bu ayədə sələmi puç etdiyini, yəni məhv etdiyini xəbər verir. Ya sahibinin əlindən tamamilə almaqla, ya da ondan faydalanmasın deyə malını bərəkətdən məhrum etməklə olur. Əksinə, bu əməllərinə görə onları həm bu dünyada, həm də Qiyamət günü cəzalandıracaqdır. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz” (“əl-Maidə”, 100); “Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin” (“əl-Ənfal”, 37); “İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz” (“ər-Rum”, 39). İbn Cərir Uca Allahın “Allah sələmi puç edir” ayəsi barədə demişdir: “Bu ayə Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bu sözə bənzəyir: “Nə qədər artsa da, sələmin sonu azlıqdır”. (ət-Tabəri, 6252, 6289). Bu hədisi İmam Əhməd İbn Məsuddan (Allah ondan razı olsun), o da Peyğəmbərdən ﷺ bu şəkildə rəvayət etmişdir: “Həqiqətən, sələm nə qədər artsa da, sonu azalmağa doğru gedir”. (Əhməd, 3754; əl-Hakim, 2262. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1863). İbn Məcə da buna oxşar hədis rəvayət etmişdir. (“əl-Musnəd” (3754), İbn Məcə (2279). Həmçinin əl-Hakim rəvayət etmiş (2/37, 4/317-318) və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir).
Uca Allahın sələmi puç etməsi harama yönələn insanın istəyinin əksi ilə qarşılaşması qəbilindəndir. İmam Əhməd Osmanın (Allah ondan razı olsun) köləsi Fərruxdan rəvayət etmişdir ki, bir gün Ömər (Allah ondan razı olsun) xəlifə olduğu vaxtlarda məsciddən çıxdıqda yerə səpələnmiş ərzaqlar gördü və dedi: “Bu ərzaqlar nədir belə?” Yanındakılar dedilər: “Bizə gətirilmiş ərzaqlardır”. Ömər dedi: “Allah bunlara və bunları gətirənlərə bərəkət versin!” Ətrafındakılar dedilər: “Ey möminlərin əmiri, bu mal artıq ehtikar (Mal, ərzaq və sairəni ucuz qiymətə alıb sonradan baha qiymətə satmaqdır. Buna həmçinin spekulyasiya da deyilir. Bu işlə məşğul olan adama möhtəkir deyilir). olunmuşdur (baha qiymətə satmaq üçün müəyyən şəxslər tərəfindən alınmışdır)”. Ömər bunların kimlər tərəfindən ehtikar edildiyini soruşdu. Ətrafındakılar: “Osmanın azad etdiyi köləsi Fərrux və Ömərin azad etdiyi köləsi filankəs”, – deyə cavab verdilər. Ömər hər ikisini yanına çağırtdırıb onlardan: “Sizi müsəlmanların yeməyini ehtikar etməyə vadar edən nədir?” – deyə soruşdu. Onlar dedilər: “Ey möminlərin əmiri, biz bunları öz mallarımızla satın alıb sonra da satırıq”. Ömər dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim müsəlmanlara qarşı onların yeməklərini ehtikar edərsə, Allah onları ya iflasa uğradar, ya da cüzam (Əsasən dəri və toxumaların çürüməsi şəklində təzahür edən ağır xroniki xəstəlik). xəstəliyinə düçar edər”. Fərrux dedi: “Allaha, sonra isə sənə söz verirəm ki, heç vaxt yeməyi ehtikar etməyə qayıtmayacam”. Ömərin azad etdiyi köləsi isə: “Biz bunları öz mallarımızla satın alıb, sonra da satırıq”, – dedi (və əməlindən əl çəkmədi). Əbu Yəhya dedi: “Mən (bir müddət sonra) Ömərin azad etdiyi köləsinin cüzam xəstəliyinə tutulduğunu gördüm”. (“əl-Musnəd” (135) və İbn Məcə (2155) müxtəsər olaraq rəvayət etmişlər. Hər ikisinin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 135; İbn Məcə, 2155. Hədis zəifdir. Bax: Daif əl-Cami, 5351).
Uca Allah buyurur: “...sədəqələri isə artırır”. Bu ayədə يُرْبِي [yurbi] “artırır” feili iki cür oxunmuşdur. Birinci: يُرْبِي [yurbi] “artırır” kimi oxunmuşdur. Bu feil رَبَا – يَرْبُو [rabə:-yərbu] “artmaq” feilinin icbar forması أَرْبَى – يُرْبِي [ərbə-yurbi] “artırmaq” feilidir. İkinci qiraətə görə isə: “böyütmək, bəsləmək” mənasında olan يُرَبِّي [yurabbi] kimi oxunmuşdur. əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim halal (yolla qazandığı) maldan bir xurma belə sədəqə verərsə – Allah ancaq halal olanı qəbul edir – Allah bu sədəqəni sağ Əli ilə qəbul edər, sonra da onu sahibi üçün, biriniz öz dayçasını bəsləyib böyütdüyü kimi, dağ boyda olanadək böyüdər”. (əl-Buxari, 1410, 1321; Muslim, 1014, 1684). Hədisi həmçinin Muslim, ət-Tirmizi, ən-Nəsəi və əl-Beyhəqi rəvayət etmişlər. ət-Tirmizi hədisi “Həsən-səhih” adlandırmışdır. (əl-Buxari (3/220-222, 13/352, “Fəthul-Bari”), Muslim (1/277). Əhməd “əl-Musnəd” əsərində bu mənada bir neçə hədis rəvayət etmişdir (7622). Həmçinin ət-Tabəri rəvayət etmişdir (6253, 6254, 6256, 6257), (Əhməd Şakir). İmam Əhməd Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Həqiqətən, Allah sizlərdən birinin sədəqə verdiyi bir xurmanı və ya bir loxmanı biriniz öz dayçasını və ya dəvə balasını bəsləyib böyütdüyü kimi, Uhud dağı boyda olanadək böyüdər”. (Əhməd, 26178, 26664; İbn Hibban, 3306. Şueyb əl-Arnavut “səhih li-ğeyrihi” olduğunu bildirmişdir). Hədisi bu şəkildə yalnız Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (6/251, Hələb nəşri), ət-Tabəri (6255), (Əhməd Şakir).   
Uca Allah buyurur: “Allah kafirləri və günahkarları sevməz”, yəni Allah qəlbi küfrlə dolu olanı, söz və əməllərində günahkar olanları sevməz. Ayənin bu şəkildə bitirilməsinin bir uyğunluğu olmalıdır ki, bu uyğunluq belədir: Sələm alan Allahın ona ayırdığı halal qazancla razılaşmır, şəriətlə ona çatan halal qazancla kifayətlənmir. Əksinə, o, insanların mallarını haqsız yollarla, çirkin qazanc növləri ilə yeməyə can atır. Belə etməklə o, içində olduğu neməti inkar edəndir. İnsanların mallarını haqsız yerə yeməklə zalım və günahkardır.
Sonra Uca Allah Rəbinə iman gətirənləri, əmrlərinə itaət edənləri, Ona şükür edənləri, namaz qılıb, zəkat verməklə yaratdıqlarına yaxşılıq edənləri tərifləyir və onlara hazırladığı möhtəşəmlikdən xəbər verir. Onlar Qiyamət günü ziyana uğramaqdan əmin-aman olacaqlar. Uca Allah buyurur: “Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
əl-Bəqərə, 278-281
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ * وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ * وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
278. Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın.
279. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.
280. Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.
281. Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır.

 
Uca Allah mömin qullarına Ondan qorxmağı əmr edib, qəzəbinə yaxınlaşdıran, razılığından uzaqlaşdıran əməlləri qadağan edərək buyurur: “Ey iman gətirənlər. Allahdan qorxun”, yəni etdiyiniz hər işdə Ondan qorxun və çəkinin; “və əgər möminsinizsə, sələmdən qalan faizi almayın”, yəni əgər Allahın sizin üçün alış-verişi halal edib, sələmi haram etməsi və sair bu kimi qoyduğu qanunlara iman gətirmisinizsə, mayadan əlavə sələmdən sizə qalan faizi tərk edin, onu insanlardan almayın!
Zeyd ibn Əsləm, İbn Cureyc, Muqatil və əs-Suddinin qeyd etdiyinə görə, bu ayə cahiliyyə dövründə aralarında sələm müqaviləsi olan Səqif qəbiləsindən Amr ibn Umeyr oğulları ilə Bənu Məxzum qəbiləsindən Muğirə oğulları barədə nazil olmuşdur. İslam gəldikdə bu qəbilələr müsəlman oldu. Səqif qəbiləsi cahiliyyə dövründən qalan sələmi almaq istədi. Bu barədə aralarında müşavirə etdilər. Muğirə oğulları dedilər: “İslamda ikən qazandığımızdan sələm verməyəcəyik”. Bu səbəbdən Peyğəmbərin ﷺ Məkkəyə vali təyin etdiyi Attab ibn Useyd Peyğəmbərə ﷺ məktub yazdı və bu ayə nazil oldu. Peyğəmbər ﷺ də bu ayəni ona yazıb göndərdi: “Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar”. Onlar da: “Allaha tövbə edir və sələmdən qalanı tərk edirik”, – deyərək sələmin hamısını tərk etdilər. (Əbu Yəalə “Musnəd” 2668).  
Bu ayə xəbərdarlıqdan sonra sələm almağa davam edən kəslər üçün şiddətli təhdid və qüvvətli bir hədədir. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin” ayəsi barədə demişdir: “Yəni yəqin bilin ki, Allah və Onun Elçisi sizə müharibə elan etmişdir”. Əvvəlki ayənin təfsirində qeyd edildiyi kimi, İbn Abbas (Allah ondan razı olsun) demişdir:  “Qiyamət günü sələm yeyənə: “Döyüş üçün silahını götür”, – deyiləcək”. Sonra İbn Abbas bu ayəni oxudu: “Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin”. (Bu surənin 275-ci ayəsinin təfsirində keçdi. (Əhməd Şakir). ət-Tabəri, 6241, 6280). Həmçinin İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin” ayəsi barədə demişdir: “Kim sələm almağa davam edərsə və bu əməli tərk etməzsə, müsəlmanların rəhbərinin üzərinə onu tövbəyə çağırmaq düşür. Əgər əməlindən əl çəksə, sərbəst buraxılır, əks təqdirdə boynu vurulur”. (ət-Tabəri (6261). əs-Suyuti hədisi əlavə olaraq İbn əl-Munzirə və İbn Əbu Hatimə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 6260, 6298). İbn Əbu Hatim əl-Həsən və İbn Sirinin belə dediklərini rəvayət etmişdir: “Allaha and olsun ki, bu sərraflar sələm yeyənlərdir. Allah və Peyğəmbəri ﷺ onlara müharibə elan etmişdir. Əgər insanların üzərində ədalətli bir rəhbər olsaydı, onlardan tövbə etməyi tələb edərdi. Tövbə etsələr, sərbəst buraxar, əks təqdirdə onlara qarşı silah tətbiq edərdi”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad əl-Həsən və İbn Sirinə kimi səhihdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 2921). Qatədə demişdir: “Eşitdiyiniz kimi, Allah sələm yeyənləri öldürülməklə təhdid etmiş və hara getsələr, zəhmətlərini (qazandıqlarını) puç etmişdir. Alış-verişinizə sələm qatmaqdan çəkinin! Həqiqətən, Allah halalı genişlətmiş və təmiz etmişdir. Heç bir sıxıntı sizi bu günaha sürükləməsin”. (İbn Əbu Hatim, 2922; ət-Tabəri, 6264, 6301). Bu sözü Qatədədən İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Kəsir hədisin isnadını qeyd etməmişdir. Hədisin əvvəlini ət-Tabəri (6264) rəvayət etmişdir. Lakin “hara getsələr, zəhmətlərini (qazandıqlarını) puç etmişdir” əvəzinə “harada olsalar” rəvayət etmişdir. Qatədəyə kimi olan isnad səhihdir. (Əhməd Şakir).  
Sonra Uca Allah buyurur: “Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz”, yəni sələmdən gələn artığı götürməklə; “nə də sizə zülm olunar”, yəni mayanız sizə qalmaqla və verdiyinizi nə çox, nə də az olmadan götürməklə. İbn Əbu Hatim Süleyman ibn Amr ibn əl-Əhvasdan, o da atasından rəvayət etmişdir ki, Peyğəmbər ﷺ vida həccində xütbə verdi və belə buyurdu: “Bilin ki, cahiliyyə dövründəki sələmin hamısı üzərinizdən götürülmüşdür. Lakin verdiyiniz sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. Ləğv etdiyim ilk sələm Abbas ibn Abdul-Muttalibin sələmidir. Bu sələmin hamısını ləğv edirəm”. (İsnadı səhihdir. ət-Tirmizi (4/114-115), İbn Məca (3055) və Əbu Davud (3334) rəvayət etmişlər. ət-Tirmizi “həsən-səhih” adlandırmışdır.(Əhməd Şakir). ət-Tirmizi, 3087, 3367. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 7880).
Uca Allah buyurur: “Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir”. Uca Allah çətin vəziyyətdə olduğu üçün borcunu ödəyə bilməyən kəslərə qarşı səbirli davranmağı əmr edərək buyurur: “Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin”. Halbuki cahiliyyə dövründə borc sahibi borcunu vaxtında ödəyə bilməyən borcluya: “Ya borcunu ödəyəcəksən, ya da gecikdirdiyinə görə əlavə olaraq sələm verəcəksən”, – deyərdi. Sonra Uca Allah borcu bağışlamağa təşviq edərək buna görə borc sahibinə xeyir və böyük savab vəd edərək buyurur: “Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir”, yəni verdiyiniz borcun hamısını bağışlamaq və borcludan heç nə almamaq sizin üçün daha xeyirlidir. Borcu bağışlamaq barədə Peyğəmbərdən ﷺ müxtəlif yollarla bir çox hədislər rəvayət edilmişdir. İmam Əhməd Bureydənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbərin ﷺ: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar”, – dediyini eşitdim. Sonra başqa bir vaxt isə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılar”, – dediyini eşitdim və dedim: “Ey Allahın Elçisi, sənin bir dəfə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar”, – dediyini, sonra isə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılar”, – dediyini eşitdim”. Peyğəmbər ﷺ dedi: “Borcun vədəsi yetişməzdən əvvəl onun üçün hər günə görə bir misli qədər sədəqə savabı yazılır. Borcun vədəsi gəlib çatdıqdan sonra möhlət verdikdə keçən hər bir gün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılır”. (“əl-Musnəd” (5/360, Hələb nəşri), əz-Zəvaid (4/135). əl-Heysəmi demişdir: “Əhməd rəvayət etmişdir. Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. (Əhməd Şakir). Əhməd, 23096, 23434. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 86).
İmam Əhməd Əbu Qatədədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir kişinin Əbu Qatədəyə borcu vardı. Əbu Qatədə vaxtaşırı gedib ondan borcunu istəyərdi. Hər dəfə borcunu istəmək üçün getdikdə kişi ondan gizlənərdi. Bir gün yenə borcunu istəmək üçün getdikdə evdən bir uşaq çıxdı. Əbu Qatədə kişini uşaqdan soruşdu. Uşaq da: “Bəli, o evdədir, xəzirə (ət və undan hazırlanan yemək) yeyir”, – deyə cavab verdi. Əbu Qatədə ona səslənərək: “Ey filankəs, çıx, sənin burada olduğunu xəbər aldım”, – dedi. Kişi çıxdıqda Əbu Qatədə ona dedi: “Məndən gizlənməyinin səbəbi nədir?” Kişi: “Mən çətinlikdəyəm və sənə verməyə bir şeyim yoxdur”, – deyə cavab verdi. Əbu Qatədə dedi: “Səni Allaha and verirəm, düzünü de! Həqiqətən, çətinlikdəsənmi?” Kişi: “Bəli”, – dedi. Əbu Qatədə ağladı, sonra dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim borcluya möhlət verər və ya borcunu silərsə, Qiyamət günü Allahın yaratdığı kölgədə olacaq”. (Əhməd, 22676, 22999. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir). Hədisi Muslim də rəvayət etmişdir. (“əl-Musnəd” (5/308, Hələb nəşri), isnadı səhihdir. Muslimin rəvayəti isə (1/460), sadəcə, mənaca bu hədisə bənzəyir. Hədisdə adı keçən “xəzirə”- yemək növüdür. Bu yeməyi hazırlamaq üçün xırda-xırda doğranmış ət suda qaynadılmalı və qaynadıldıqdan sonra üstünə un vurulmalıdır. (Əhməd Şakir).  
Əbu Yəalə Huzeyfədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Qiyamət günü Allahın hüzuruna qullarından biri gətirilər. Allah ondan soruşar: “Dünyada mənim üçün nə etdin?”. O qul: “Ey Rəbbim, dünyada Sənin rəhmətini umacaq zərrə qədər bir şey etməmişəm”, – deyəcək və Allah bunu ona üç dəfə təkrarladacaq. Sonunda qul belə deyəcək: “Ey Rəbbim, sən mənə çoxlu mal vermişdin və mən insanlarla alış-veriş edərdim. İnsanları bağışlamaq mənim təbiətim idi. İmkanı olanın işini asanlaşdırır, çətinlikdə olana isə möhlət verərdim”. Allah quluna deyər: “Mən, əlbəttə, asanlaşdırmağa daha layiqəm, Cənnətə daxil ol!” (Muslim, 2920, 4079; əl-Hakim, 3197). Hədisi əl-Buxari, Muslim, İbn Məcə rəvayət etmişlər. Muslim əlavə olaraq: “Uqbə ibn Amir və Əbu Məsud əl-Bədri Peyğəmbərdən ﷺ rəvayət etmişlər ki...”, – demiş və sonra yuxarıdakıları qeyd etmişdir. (əl-Buxari (4/261, 5/44, 6/359, “Fəthul-Bari”), Muslim (1/459–460). Həmçinin Əhməd oxşar hədisi rəvayət etmişdir (5/407, Hələb nəşri). (Əhməd Şakir). İmam Əhməd Əbul-Yəsərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim çətinliyə düşənə möhlət verərsə və ya borcunu silərsə, Allah onu Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək”. (Əhməd, 15560, 15606. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6106). Hədisi Muslim də rəvayət etmişdir. (“əl-Musnəd” (15587). Muslimin rəvayətinə gəlincə bu rəvayət fərqli formada uzun hekayətin içindədir (2/394), (Əhməd Şakir).  
Sonra Uca Allah qullarına öyüd-nəsihət edərək, dünyanın sona çatacağını və onun üzərindəki mal-dövlətin yox olacağını, Axirətin gələcəyini, hər kəsin Allaha dönəcəyini, Allahın da məxluqlarını etdikləri əməllərinə görə hesaba çəkəcəyini, qazandıqları xeyir və şər müqabilində onları cəzalandıracağını xatırladır və əzabından çəkindirərək buyurur: “Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır”. Rəvayət edildiyinə görə, bu ayə Quranda son nazil olan ayədir. İbn Mərdəveyh İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Ən son nazil olan ayə Uca Allahın “Allahın hüzuruna qaytarılacağınız gündən qorxun!” ayəsidir”. (əl-Buxari, Vəhyin başlanğıcı kitabı, 25-ci və 55-ci fəsillər). ən-Nəsəi də buna bənzər hədis rəvayət etmişdir. (İbn Kəsir burada ən-Nəsəinin “əs-Sunənul-Kubra” əsərini nəzərdə tutur. Həmçinin ət-Tabəri oxşar hədisi səhih isnadla rəvayət etmişdir (6311). əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində (8/153) ət-Tabərinin rəvayəti ilə qeyd etmişdir. Həmçinin əl-Heysəmi “əz-Zəvaid” kitabında (6/324) qeyd etmiş və hədisi ət-Tabəraniyə nisbət etmişdir. əs-Suyuti (1/369-370) əlavə olaraq hədisi Əbu Ubeydə, Abd ibn Humeydə, İbn əl-Munzirə və başqalarına nisbət etmişdir. (Əhməd Şakir).
əl-Bəqərə, 282
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَى أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلَا يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِنْ رِجَالِكُمْ فَإِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَى وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا وَلَا تَسْأَمُوا أَنْ تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِنْدَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلَّا تَرْتَابُوا إِلَّا أَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ وَإِنْ تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُوا اللَّهَ وَيُعَلِّمُكُمُ اللَّهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
282. Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.

 
Bu ayə (borc ayəsi) Əzəmətli Quranın ən uzun ayəsidir. İbn Cərir Səid ibn əl-Museyyibin belə dediyini rəvayət etmişdir: “(Səhabələrin birindən) mənə çatmışdır ki, Quranın ən son nazil olan ayəsi borc ayəsidir”. (Hədisin isnadı Səid ibn əl-Museyyibə kimi səhihdir. Lakin səhabənin adı qeyd olunmadığına görə hədis “mursəl” sayılır. (Əhməd Şakir). ət-Tabəri, 6316, 6355). İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, borc ayəsi nazil olduqda Peyğəmbər ﷺ dedi: “(Unutduğu üçün) ilk inkar edən Adəm – ona Allahın salamı olsun – olmuşdur. Allah Adəmi yaratdıqdan sonra Əlini onun belinə çəkdi və onun belindən Qiyamətə qədər gətirəcəyi zürriyyətini çıxartdı. Sonra zürriyyətini ona göstərməyə başladı. Adəm onların arasında (üzü) parlayan bir adam görüb dedi: “Ey Rəbbim, bu kimdir?” Allah dedi: “O sənin övladın Davuddur”. Adəm dedi: “Ey Rəbbim, onun ömrü nə qədərdir?” Allah dedi: “Altmış il”. Adəm dedi: “Ey Rəbbim, onun ömrünü artır”. Allah dedi: “Xeyr, yalnız sənin ömründən götürüb, onun ömrünü artıraram”. Adəmin ömrü min il idi. Allah (Adəmin ömründən götürüb) Davudun ömrünü qırx il uzadaraq bunu yazdı və mələkləri də buna şahid tutdu. Adəmə ölüm vaxtı gəlib çatdıqda və mələklər (canını almaq üçün) yanına gəldikdə: “Mənim ömrümdən hələ qırx il qalıb”, – dedi. Ona: “Sən onu oğlun Davuda vermişdin”, – deyildi. Adəm: “Mən belə bir şey etməmişəm”, – dedikdə Allah ona yazını göstərdi və mələkləri buna şahid tutdu”. (İbn Əbu Hatim, 2950. Buna oxşar hədisi ət-Tirmizi (3368, 3694) rəvayət etmişdir. ət-Tirmizinin rəvayət etdiyi hədis səhihdir. Bax: Zilalul-Cənnə, 206). İbn Əbu Hatim də bu hədisi belə rəvayət etmişdir. Bu hədis, həqiqətən, qəribədir. Hədisi rəvayət edənlər arasında yer alan Əli ibn Zeyd ibn Cədanın hədisləri arasında munkər (mötəbərliyi inkar olunan) hədislər var. əl-Hakim Əbu Hureyradan (Allah ondan razı olsun), o da Peyğəmbərdən ﷺ oxşar mətnlə bir hədis rəvayət etmişdir. (İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan hədis “əl-Musnəd” əsərindədir (2270, 2713). Həmçinin hədisi ət-Tayəlisi rəvayət etmişdir (2691). Əli ibn Zeyd ibn Cədan etibarlı ravidir. Bu hədisdə İbn Kəsirin zənn etdiyi kimi inkar olunan heç nə yoxdur. əl-Hakimin Əbu Hureyradan (Allah ondan razı olsun) bu mənada rəvayət etdiyi hədisə əsasən mən bu hədisin səhih olduğunu görürəm. əl-Mustədrak (2/585-586). əl-Hakim hədisin səhih olduğunu bildirmişdir. Doğru olan da budur).
Uca Allah buyurur: “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın”. Uca Allah bununla mömin qullarına biri ilə müddətli iş birliyinə girdikdə təfsilatları yazmağı tövsiyə edir. Çünki bu, borcun miqdarını, zamanını yadda saxlamaq üçün daha etibarlıdır və buna şahidlik edənlərin daha dəqiq olmalarına zəmin yaradır. Uca Allah ayənin sonunda buna işarə edərək buyurur: “Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir”. İbn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən şahidlik edərəm ki, Allah müəyyən vaxtdan sonra alınacaq bir məhsulun pulunu qabaqcadan ödəməyi halal etmiş və buna icazə vermişdir”. Sonra İbn Abbas (Allah ondan razı olsun) bu ayəni oxudu: “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın”. (əl-Beyhəqi “Sunənul-Kubra” 10864, 11409, 11415; əl-Hakim, 3130. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1369). Hədisi əl-Buxari rəvayət etmişdir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ Mədinəyə gəldiyi zaman (Mədinə) sakinləri iki və ya üç ildən sonra alacaqları xurmanın pulunu qabaqcadan ödəyərdilər. Onda Peyğəmbər ﷺ buyurdu: “Hər kim (alacağı xurmanın) pulunu qabaqcadan ödəmək istəyirsə, qoy müəyyən edilmiş çəkisinə, miqdarına və təyin edilmiş vaxtda (veriləcəyinə) görə (pul) ödəsin!” (əl-Buxari, 2086, 2240; Muslim, 3010, 4202).
Uca Allahın “onu yazın” sözü yadda saxlanılması və etibarlı olması üçün yazmaq əmrini bildirir. Əgər deyilsə ki, əl-Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Biz savadsız (Bu, bütün müsəlman ümmətinin savadsız olması demək deyildir. Belə ki əshabələr arasında Əli ibn Əbu Talib, Zeyd ibn Sabit və digər savadlı yazıb-oxumağı bacaran əshabələr var idi. Burada Peyğəmbərin ﷺ yazıb oxumaq bilməməsi nəzərdə tutulur. Uca Allah buyurur: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam. O kəslər ki yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır” (“əl-Əraf”, 156–157) bir ümmətik, nə yazmaq bilirik, nə də hesablamaq”. (əl-Buxari, 1780, 1913; Muslim, 1806, 2563). Peyğəmbərin ﷺ bu sözü ilə Uca Allahın yazma əmrini necə cəm etmək olar? Buna belə cavab verərik: “Din, əslində, yazıya ehtiyac duymur, çünki Allahın Kitabı hər şeyi asanlaşdırmış və insanlara əzbərlənməsini rahatlaşdırmışdır. Həmçinin Peyğəmbərin ﷺ hədisləri də qorunmuş və əzbərlənmişdir. Allahın yazılmasını əmr etdiyi şeylər isə insanlar arasında baş verən cüzi şeylərdir. Bu şeylərin yazılması insanlara vacib deyil, bir məsləhət olaraq əmr edilmişdir”.
Uca Allah buyurur: “Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin”, yəni insafla və doğru şəkildə yazsın. Yazarkən kimsəyə xəyanət etməsin. Tərəflərin razılaşdığı kimi azaltmadan və çoxaltmadan yazsın.
Uca Allah buyurur: “Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır”, yəni yazmağı bacaran kəs insanlar ondan (borcu yazmağı) xahiş etdikdə yazmaqdan imtina etməməlidir. Lakin bu onun üçün zəruri deyil. Allahın ona bilmədiyi şeyləri öyrətdiyi kimi, o da yaza bilməyən kəslərə sədəqə etsin və onlar üçün şahidliyi yazsın. Necə ki bir hədisdə gəlmişdir: “Bir iş görən adama kömək etmək və ya işi bacarmayan adamın işini görmək sədəqədəndir”. (Hədisi bu mətnlə tapa bilmədim. Lakin hədisin mənası iki hədisin tərkibində sabit olmuşdur. Bu hədislərdə Peyğəmbərə ﷺ ən fəzilətli əməlin hansı olması barədə sual verilir. Peyğəmbər ﷺ də: “Bir iş görən adama kömək etmək və ya işi bacarmayan adamın işini görmək”, – deyə cavab vermişdir. Hədisi Əhməd “əl-Musnəd” əsərində (9026) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. İki hədisi isə Əhməd (5/150, Hələb nəşri), əl-Buxari (5/105, “Fəthul-Bari”), Muslim (1/36) hər üçü Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 119, 260). Mucahid və Əta isə demişlər: “(Müraciət olunduğu zaman) katibə borcu yazmaq vacib olur”.
Uca Allah buyurur: “Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun”, yəni borclu olan ödəməli olduğu borcu katibə yazdırsın və yazdırarkən Rəbbi olan Allahdan qorxsun; “və borcdan heç nə əskiltməsin”, yəni heç nə gizlətməsin; “Əgər borc alan ağıldan zəif”, yəni israfçılıq və s. bu kimi əməllərlə tanınan səfehdirsə; “və ya acizdirsə”, yəni kiçik və ya dəlidirsə; “və yaxud özü yazdırmağa qadir deyilsə”, yəni ya danışa bilməməsi səbəbindən, ya da yanlışla doğrunu ayıra bilməyəcək dərəcədə cahil olması səbəbi ilə özü yazdıra bilməyəcək vəziyyətdə olarsa, “qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın”.
Uca Allah buyurur: “Aranızdakı kişilərdən iki nəfəri şahid tutun”. Bununla Uca Allah daha etibarlı olması üçün yazmaqla bərabər, şahid tutmağı da əmr etmişdir. “Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun”. Bu hal (iki kişi əvəzinə bir kişi və iki qadının şahid durması) yalnız mallara və mal qəsd olunan müqavilələrə aiddir. Qadın ağıl cəhətdən naqis olduğu üçün iki qadının şahidliyi bir kişinin şahidliyi yerinə qəbul edilmişdir. Necə ki Muslim “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Ey qadınlar toplumu! Sədəqə verin və Allahdan bağışlanma diləməyi artırın, həqiqətən, mən Cəhənnəm əhlinin çoxunun sizdən ibarət olduğunu gördüm”. Ağıl sahibi (olan) bir qadın: “Ey Allahın Elçisi, bizə nə olub ki, Cəhənnəm əhlinin ən çox olanı bizik?” deyə soruşdu. Peyğəmbər ﷺ belə cavab verdi: “Çünki siz çox lənət edir və ərinizin sizə etdiyi nemətləri danırsınız. Sizin kimi dini və ağlı naqis olduğu halda, ağıllı və kamallı kişini yoldan çıxaran kəslər görmədim”. Qadın soruşdu: “Ey Allahın Elçisi, dinin və ağlın naqis olması nədir?” Peyğəmbər ﷺ dedi: “Ağlın naqisliyi odur ki, iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dinin naqisliyi isə budur ki, qadın ömrünün bir hissəsini (heyz olduğu vaxtlar) namazını qılmaz və Ramazan ayında oruc tutmaz”. (Bu, Muslimin “Səhih” əsərində (1/35) İbn Ömərin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisin mətnidir. Həmçinin Əhməd rəvayət etmişdir (5343). Muslim İbn Ömərin hədisinə oxşar bir hədisi başqa isnadla Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Bu hədis eyni zamanda “əl-Musnəd” əsərindədir (8849), (Əhməd Şakir). əl-Buxari, 293, 304; Muslim, 114, 250).
Uca Allahın ayədə “razı olduğunuz şahidlərdən” deməsi şahidlikdə ədalətin şərt olmasına dəlalət edir və şahidlik də bu şərtə bağlıdır.  İmam əş-Şafii Quranda şərtsiz, ümumi olaraq gələn bütün şahid tutma əmrlərini bu şərtə bağlamışdır. Halı və ədaləti bilinməyən adamın şahidliyini qəbul etməyənlər bu ayəni dəlil gətirərək şahidin ədalətli və halından razı qalınan bir adam olmasının vacibliyini bildirmişlər. Uca Allah buyurur: “qadınlardan biri unutduqda”, yəni qadınlardan biri şahidliyi unutduqda; “o birisi onun yadına salsın”, yəni digəri ona xatırladacaq və beləcə unudan qadın da xatırlamış olacaq. Bu ayədə keçən فَتُذَكِّرَ [fətuzəkkira] “yadına salsın” feili başqa qiraətdə فَتُذْكَرَ  [fətuzkəra] “yadına düşsün” kimi də oxunmuşdur. (İbn Kəsir əl-Məkki və Əbu Amrın qiraəti فَتُذْكَرَ [fətuzkəra] “yadına düşsün” kimidir. Yerdə qalan yeddi qarilərin hamısı فَتُذَكِّرَ [fətuzəkkira] “yadına salsın” kimi oxumuşlar. Bu həmçinin Hafsın qiraətidir (Əhməd Şakir). Bəziləri isə bu ayədə فَتُذَكِّرَ  [fətuzəkkira] (Muslimin “Səhih” əsəri (2/3), (Əhməd Şakir). feilini “kişi cinsinə salmaq” kimi başa düşərək ayənin mənasının belə olduğunu demişlər: “Bir qadının ikinci qadınla birlikdə şahidliyi (birinci) qadının şahidliyini bir kişinin şahidliyinə bərabər edər”. Lakin bu məna haqdan uzaqdır. Verdiyimiz birinci şərh daha doğrudur. Ən doğrusunu Allah bilir!
Uca Allah buyurur: “Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar”. Bəziləri ayənin mənasının belə olduğunu demişlər: “Müqavilənin yazılmasına şahidlik etmək üçün çağırılsalar, bunu qəbul etməlidirlər”. Bu təfsir Qatədəyə və ər-Rabi ibn əl-Ənəsə aiddir. Bu, Uca Allahın “Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır” sözü kimidir. Buradan aydın olur ki, müqavilənin yazılmasında şahidlik etmək fardul-kifayədir. (Fardul-kifayə – bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir. Məsələn, cənazə namazı kimi. Bir qrup insan bir müsəlmanın dəfnində və cənazə namazında iştirak etdilərsə, digərlərinin üzərindən bu vaciblik düşür. Əgər heç biri etməsə, bu zaman bütün müsəlmanlar məsuliyyət daşıyır). Bəziləri isə demişlər: “Uca Allahın “Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar” ayəsində şahidliyini təsdiqləmək üçün çağırılanlar qəsd olunur. Bu görüş əksər alimlərin məzhəbidir. Çünki “şahid”, əslində, müqavilənin yazılmasına şahidlik edən kəsə deyilir. Həqiqi şahid müqavilənin yazılmasına şahidlik edəndir. Əgər bu şəxs sonradan şahidliyini təsdiq etməyə çağırılarsa, bu zaman şahidlik etmək ona vacib olur. Belə isə müqavilənin yazılmasına şahidlik etməyin hökmü fardul-kifayədir. Ən doğrusunu Allah bilir!
Mucahid, Əbu Micləz (Lahiq ibn Humeyd ibn Səid Əbu Micləz əl-Basri tabiindir, etibarlı ravilərdən hədislər rəvayət etmişdir. Ömər ibn Abdul-Azizin xilafəti dövründə hicri təqvimi ilə 106-cı ildə vəfat etmişdir). və bir çoxları belə demişlər: “Əgər sən müqavilənin bağlanmasında şahid olmaq üçün çağırılsan, bu zaman seçim edə bilərsən. Əgər müqavilənin bağlanmasında şahidlik etdikdən sonra şahidliyi təsdiqləmək üçün çağırılsan, çağırışa cavab verməlisən”. Muslimin “Səhih” əsərində və digər “Sunən” kitablarında Zeyd ibn Xaliddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər ﷺ demişdir: “Sizə ən xeyirli şahidlərin kim olduğunu xəbər verimmi? Bu, soruşulmadan şahidlik edən adamdır”. (Muslim, 3244, 4591). əl-Buxari və Muslimin “Səhih” əsərlərində gələn digər bir hədisidə isə belə deyilir: “Sizə ən şər şahidlərin kimlər olduğunu xəbər verimmi? Bunlar şahidlik etmələri tələb olunmadan (yalandan) şahidlik edənlərdir”. (Hədisin əsli yoxdur. Bax: Silsilə əd-Daifə, 4867). Başqa bir hədisdə deyilir: “Sonra elə bir nəsil gələcək ki, onlardan hər birinin şahidliyi andını, andı da şahidliyini qabaqlayacaqdır”. Başqa bir rəvayətdə: “Sonra elə bir nəsil gələcək ki, şahidliyə çağırılmadan (yalandan) şahidlik edəcəklər”. (Bunlar üç müxtəlif hədislərdir. Birinci hədisi “Sizə ən şər şahidlərin kimlər olduğunu xəbər verimmi?”– İbn Kəsir əl-Buxari və Muslimin “Səhih” əsərlərinə nisbət etsə də, nə bu kitablarda, nə də digər hədis kitablarında bu mətnlə hədisi tapmadım. Özü özlüyündə mənası səhih olmasına baxmayaraq. İkinci hədisi əl-Buxari (191, “Fəthul-Bari”) və Muslim ( 2/271) İbn Məsuddan (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət etmişlər. Əhməd “əl-Musnəd” əsərində bir neçə yerdə rəvayət etmişdir (4130). Üçüncü hədisi də həmçinin əl-Buxari (5/190, “Fəthul-Bari”) və Muslim ( 2/271) İmran ibn Husayndan (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət etmişlər. İbn Kəsir hədislərin mətnlərinin dəqiqliyində səhlənkarlığa yol vermişdir. Görünür, bu, hafizəsindən rəvayət etməsi ilə əlaqədardır. (Əhməd Şakir). Oxşar rəvayətlər: Əhməd, 18374, 18538; ət-Tirmizi, 3859, 4232. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1840). Bu hədislərdə nəzərdə tutulanlar yalandan şahidlik edənlərdir. Rəvayət olunur ki, İbn Abbas və əl-Həsən əl-Basri belə demişlər: “Ayə hər iki halı – həm müqavilənin bağlanmasında şahidlik etmək üçün, həm də şahidliklərini təsdiq etmək üçün çağırılanları ehtiva edir”.
Uca Allah buyurur: “Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın”. Uca Allahın bu əmri – borcun kiçik də olsa, böyük də olsa yazılması – əvvəl edilən tövsiyənin tamamıdır. “Onun vaxtını yazmaqdan usanmayın”, yəni borcun azlığına və çoxluğuna baxmadan vədəsi ilə birlikdə yazmaqdan çəkinməyin. “Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir”, yəni Bizim sizə müəyyən müddətə götürülmüş borcu yazmaq əmrimiz,  “Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün”, yəni şahidlik üçün daha etibarlıdır. Çünki əksər hallarda baş verdiyi kimi şahid etdiyi şahidliyi bir müddət sonra unutsa belə, yazdığına baxaraq xatırlaya biləcək; “şübhəyə düşməməyiniz üçün daha münasibdir”, yəni şübhəyə düşməməyinizə daha yaxındır. Mübahisə zamanı yazılan müqaviləyə müraciət ediləcək və şübhəyə yer qalmadan mübahisə ortadan qaldırılacaq.
Uca Allah buyurur: “Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir”, yəni əgər mövcud olan bir mal əldən ələ (mal və pul nağd olarsa) satılarsa, bu halda yazmamaqda bir qəbahət yoxdur. Çünki bu vəziyyətdə yazmağı tərk etməkdə bir təhlükə yoxdur. Alış-verişdə şahid tutmağa gəlincə Uca Allah bu barədə buyurur: “Alver etdikdə şahid tutun”.
İbn Əbu Hatim rəvayət etmişdir ki, Səid ibn Cubeyr Uca Allahın “Alver etdikdə şahid tutun” ayəsi barədə demişdir: “Müddətli olub-olmamasından asılı olmayaraq haqqınıza (alacağınıza) şahid tutun. Hər bir halda haqqınıza (alacağınıza) şahid tutun”. (İbn Əbu Hatim, 3020). Cabir ibn Zeyd və Mucahiddən buna bənzər şərh rəvayət edilmişdir. əş-Şabi və əl-Həsən isə bu əmrin Uca Allahın “Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın” (“əl-Bəqərə”, 283) ayəsi ilə hökmünün ləğv edildiyini söyləmişlər. Bu əmr əksər alimlərə görə, vacib olaraq deyil, məsləhət və yönəltmə olaraq qəbul edilir. Buna dəlil isə Xuzeymə ibn Sabit əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət edilən hədisdir. İmam Əhməd bu hədisi Umara ibn Xuzeymə əl-Ənsaridən, o da Peyğəmbərin ﷺ səhabələrindən olan əmisindən rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ çöl ərəbindən at aldı. Atının qiymətini ödəmək üçün onunla gəlməsini istədi. Peyğəmbər ﷺ addımlarını sürətləndirdi. Çöl ərəbi isə yavaş gedirdi. İnsanlar çöl ərəbinin ətrafına yığışıb atı ondan almaq üçün qiyməti danışmağa başladılar. Onlar Peyğəmbərin atı aldığını bilmirdilər. Hətta bəziləri Peyğəmbərin razılaşdığı qiymətdən də artıq pul təklif etdilər. Ərəb Peyğəmbərə ﷺ: “Bu atı alacaqsansa, götür, yoxsa mən onu satıram!”- deyə səsləndi. Peyğəmbər onun səsini eşitdikdə: “Mən bu atı səndən almadımmı?”- deyə soruşdu. Ərəb: “Xeyr! Allaha and olsun ki, onu sənə satmadım!”- dedi. Peyğəmbər ﷺ: “Əksinə, mən onu səndən aldım!”- dedi. Peyğəmbər kişi ilə danışarkən insanlar onların ətrafına toplaşmağa başladılar. Kişi: “Elə isə şahid gətir!”- dedi. Müsəlmanlardan bir kişi gəlib kişiyə dedi: “Vay olsun sənin halına! Peyğəmbər yalnız doğrunu danışır”. Nəhayət, Xuzeymə gəlib Peyğəmbərin ﷺ və kişinin söhbətini dinləməyə başladı. Kişi dayanmadan: “Elə isə şahid gətir!”- deyirdi. Xuzeymə dedi: “Mən sənin bu heyvanı Peyğəmbərə satdığına şahidlik edirəm!” Peyğəmbər ﷺ Xuzeyməyə tərəf çevrilərək: “Nə əsasla şahidlik edirsən?”- deyə ondan soruşdu. Xuzeymə: “Ey Allahın Elçisi, Allahın səni təsdiq etməsi ilə!”- deyə cavab verdi. Peyğəmbər ﷺ Xuzeymənin şahidliyini iki kişinin şahidliyinə bərabər saydı”. Əbu Davud və ən-Nəsəi də buna oxşar hədis rəvayət etmişlər. (“əl-Musnəd” (5/215–216, Hələb nəşri), Əbu Davud (3607), ən-Nəsəi (2/229), əl-Hakim (2/17-18). Hədisin isnadı günəşin aydınlığı kimi səhihdir. Adı bilinməyən səhabə Uməranın əmisi Xuzeymə ibn Sabitin qardaşıdır. Onun adının bilinməməsi hədisin səhihliyinə təsir etmir. (Əhməd Şakir). Əhməd, 21933, 22228; ən-Nəsəi “Sunən” 4568, 4647; Əbu Davud, 3607, 3609. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1286). Lakin əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh və əl-Hakimin Əbu Musadan (Allah ondan razı olsun) rəvayət etdikləri bu hədisə əsasən şahid tutmaq daha ehtiyatlı davranmaqdır. Əbu Musa (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Üç sinif insan var ki, Allaha dua edərlər, Allah isə onların dualarını qəbul etməz: arvadı pis xasiyyətli olduğu halda onu boşamayan kişi, yetkinlik yaşına çatmayan yetimin malını özünə qaytaran və birinə borc verdiyi zaman şahid tutmayan kəs”. (əl-Hakim, 3181. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1805). əl-Hakim demişdir: “Bu hədisin isnadı əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”.
Uca Allah buyurur: “Amma katibə və şahidə zərər verilməməlidir”. Bu ayənin mənasının belə olduğu deyilir: “Nə katib, nə də şahid zərər verməsin. Katib ona yazdırılanın əksini yazmaqla, şahid isə eşitdiyinin əksinə şahidlik etməklə, ya da (baş verəni) tamamilə gizlətməklə zərər verməsin”. Bu təfsir əl-Həsən, Qatədə və başqalarına aiddir. Ayənin mənasının “yazana da, şahidlik edənə də zərər verilməsin” olduğu da deyilmişdir. İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayə barəsində demişdir: “Bir kişi gəlib onları (katibi və şahidi) yazmağa və şahidliyə çağırır. Onlar: “Bizim işimiz var”, – dedikdə onları çağıran adam: “Sizə bu çağırışa razılıq vermək əmr olunub”, – deyər. Halbuki o ikisinə zərər verməyə haqqı yoxdur”. (İbn Əbu Hatim, 3022; əl-Beyhəqi “Sunənul-Kubra” 20389, 21111). Sonra İbn Əbu Hatim belə demişdir: “Buna bənzər rəy İkrimə, Mucahid, Tavus və başqalarından da rəvayət edilmişdir. (ət-Tabərinin üstün gördüyü rəy budur (6/90–91), (Əhməd Şakir).
Uca Allah buyurur: “Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu sizin üçün günahdır”, yəni əgər sizə əmr olunana qarşı çıxsanız və ya sizə qadağan edilənləri etsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Bu pisliklər sizə bulaşar və siz bu pisliklərdən yayına və ayrıla bilməzsiniz.
Uca Allah buyurur: “Allahdan qorxun”, yəni Allahın əmrlərinə tabe olmaqla və qadağalarından çəkinməklə Ondan qorxun; “Allah da sizi öyrətsin”. Bu ayə Uca Allahın bu ayələrinə bənzəyir: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar” (“əl-Ənfal”, 29); “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar” (“əl-Hədid”, 28).
Uca Allah buyurur: “Allah hər şeyi bilir”, yəni Allah bütün işlərin mahiyyətini, faydalı olanlarını və verəcəyi nəticələri bilir. Heç bir şey Ona gizli qalmaz, əksinə, Onun elmi bütün varlıqları əhatə etmişdır.
əl-Bəqərə, 283
وَإِنْ كُنْتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَقْبُوضَةٌ فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا تَكْتُمُوا الشَّهَادَةَ وَمَنْ يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
283. Əgər səfərdə olsanız və katib tapmasanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.

 
Uca Allah bu ayədə buyurur: “Əgər səfərdə olsanız”, yəni əgər səfərdə olduğunuz halda, müəyyən bir müddətə bir-birinizə borc versəniz və sizin üçün yazmağa “katib tapmasanız”, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Və ya katib tapıb yazmağa kağız, mürəkkəb ya da qələm tapa bilməsəniz” bu halda “borc yiyəsinə saxlanılması üçün girov verin”, yəni yazmağın əvəzinə haqq sahibi qarşı tərəfdən girov alsın”. Alimlər Uca Allahın “borc yiyəsinə saxlanılması üçün girov verin” sözünü girovun əldən-ələ verilməsinin vacibliyinə dəlil gətirilmişlər. Bu, əş-Şafii də daxil olmaqla əksər alimlərin rəyidir. Digərləri isə bu ayəni dəlil gətirərək bildirmişlər ki, girov mütləq girov alan tərəfin himayəsinə keçməlidir. Bu rəy İmam Əhməddən rəvayət edilmişdir. Həmçinin alimlərdən bir qrupu bu rəyi seçmişlər. Sələflərdən bəziləri isə bu ayəni dəlil gətirərək girovun yalnız səfərdə icazəli olduğunu demişlər. Bu görüş Mucahid və başqaları tərəfindən irəli sürülmüşdür. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ vəfat etdikdə zirehini ailəsi üçün yemək olaraq götürdüyü otuz vəsq arpa qarşılığında bir yəhudinin yanında girov saxlamışdı.
Uca Allah buyurur: “Əgər sizlərdən biri digərinə etibar edibsə qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın”. İbn Əbu Hatim yaxşı isnadla Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bu ayə özündən əvvəlki ayənin (borc ayəsinin) hökmünü ləğv etmişdir”. (İbn Əbu Hatim, 3041; ət-Tabəri, 6337, 6375; İbn Məcə, 2365. Hədis həsəndir). əş-Şabi demişdir: “Əgər tərəflərdən biri digərinə etibar edərsə, bu zaman borcu yazmamaqda və şahid tutmamaqda bir qəbahət yoxdur”. (İbn Əbu Hatim, 3042).
Uca Allah buyurur: “və Rəbbi olan Allahdan qorxsun”, yəni etibar olunmuş şəxs Allahdan qorxsun. İmam Əhməd və “Sunən” əsərlərinin müəllifləri Səmuradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Əl aldığını geri qaytarana qədər cavabdehdir”. (“əl-Musnəd” (5/8, Hələb nəşri), Əbu Davud (3561), ət-Tirmizi (2/252). ət-Tirmizi demişdir: “Həsən hədisdir”. ət-Tirmizi bəzi nüsxələrdə isə “səhihdir” demişdir. (Əhməd Şakir). Əhməd, 20143, 20393; Əbu Davud, 3561; əti-Tirmizi, 1266, 1313. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 1516; Mişkətul-Məsabih, 2950).  
Uca Allah buyurur: “Şahidliyi gizlətməyin”, yəni şahidliyi gizlətməklə və onu aşkara çıxartmamaqla həddi aşmayın. İbn Abbas (Allah ondan razı olsun) və başqaları demişlər: “Yalandan şahidlik etmək ən böyük günahlardandır. Şahidliyi gizlətmək də belədir”. Bu səbəbdən Uca Allah buyurur: “Kim onu gizlədirsə şübhəsiz ki, qəlbi günahkardır”. əs-Suddi demişdir: “Yəni qəlbi günaha batır”. Bu ayə Uca Allahın bu sözünə bənzəyir: “və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq” (“əl-Maidə”, 106). Başqa bir ayədə isə buyurur: “Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır” (“ən-Nisa”, 135). Burada da həmçinin belə buyurur: “Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir”. 
əl-Bəqərə, 284
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
284. Göylərdə və yerdə nə varsa Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir.

 
Uca Allah bu ayədə göylərin, yerin, onların üzərində və arasında olan hər şeyin səltənətinin Allaha məxsus olduğunu xəbər verir. Allah göylərdə və yerdə olanlardan xəbərdardır, nə qədər kiçik və gizli olursa-olsun, istər aşkarda, istərsə də gizlində, hətta ağıldan keçən kiçik bir şey belə ona gizli qalmaz. Allah bu ayədə qullarını etdikləri əməllərə və qəlblərində gizlətdiklərinə görə hesaba çəkəcəyini xəbər verir. Başqa ayədə buyurduğu kimi: “De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir” (“Ali-İmran”, 29). Həmçinin buyurur: “Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir” (“Taha”, 7). Bu mənada ayələr olduqca çoxdur. Bu ayədə isə Uca Allah gizlində və aşkarda olan hər şeyi bildiyindən əlavə olaraq bunlardan ötrü qullarını hesaba çəkəcəyini də xəbər vermişdir. Bu səbəbdən bu ayə nazil olduqda səhabələrə çox ağır gəldi. Allah onlardan razı olsun! Onlar edilən əməlin böyük və ya kiçik olmasından asılı olmayaraq Allahın onları bu əməllərə görə hesaba çəkəcəyindən qorxdular. Bu qorxu onların imanlarının və yəqinliklərinin qüvvəsindən irəli gəlirdi.
İmam Əhməd Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “(Uca Allahın): “Göylərdə və yerdə nə varsa Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” ayəsi Peyğəmbərə ﷺ nazil olduqdan sonra onu eşidən səhabələr böyük bir sıxıntı keçirərək Peyğəmbərin ﷺ yanına gəlib diz üstə oturub dedilər: “Ey Allahın Elçisi! Biz bacardığımızı – namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır. (Yəni heç birimiz nəfsi istəklərin və şeytani vəsvəsələrin qabağını biryolluq ala bilməz. Qoy hər kəs Allahın və Onun Peyğəmbərinin ﷺ buyuruqlarını bacardığı qədər yerinə yetirsin. Çünki Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edir). Peyğəmbər ﷺ (onlara) dedi: “Sizdən əvvəlki iki kitab əhli kimi: “Eşitdik və asi olduq!”– sözünümü demək istəyirsiniz? Xeyr, siz: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”- deyin!” (Onlar: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”- dedilər). Camaat bunu oxuduqca dilləri bu sözlərə alışdı. Arxasınca da Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (“əl-Bəqərə”, 285). Onlar bunu yerinə yetirdikləri zaman Uca Allah bu ayənin hökmünü ləğv edərək bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (“əl-Bəqərə”, 286)”. (Əhməd, 9333. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildrmişdir).  
Bu hədisi yalnız Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) eyni mətnlə rəvayət etmişdir (əl-Buxari rəvayət etməmişdir). Lakin Muslimin mətni belədir: “Onlar bunu yerinə yetirdikləri zaman Uca Allah bu ayənin hökmünü ləğv edərək bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” Möminlər bu ayəni oxuduqda, Allah: “Bəli!”- deyə buyurdu. Möminlər: “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!”- dedikdə Allah: “Bəli!”- deyə buyurdu. Möminlər: “Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə!”- dedikdə, Allah: “Bəli!”- deyə buyurdu. Möminlər: “Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”- dedikdə, Allah: “Bəli!”- deyə buyurdu”. (“əl-Musnəd” (9333), Muslim (1/46-47). Həmçinin İbn Hibban (139) və ət-Tabəri (6456) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 125, 179, 344; əl-Beyhəqi “Şuabul-İman” 322). İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “(Uca Allahın): “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” ayəsi nazil olduqda (hələ) səhabələrin qəlblərinə girməyən bir şey bu səbəbdən onların qəlbinə girdi. (Bu ayədən sonra səhabələrin qəlbləri təşvişə düşdü və onlar elə güman etdilər ki, qəlblərindən keçən hər bir şeyə görə haqq-hesaba çəkiləcəklər). Onda Peyğəmbər ﷺ buyurdu: “Deyin: “Eşitdik, itaət etdik və qəbul etdik!” (Beləliklə də) Allah imanı onların qəlbinə yerləşdirdi, sonra da bu ayəni sonuna qədər nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” (“əl-Bəqərə”, 286)”. (Əhməd, 2070. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir). Muslim də hədisi belə rəvayət etmişdir və orada bu əlavə var: “Uca Allah bu ayəni nazil etdi: “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” və “İstədiyinizi yerinə yetirdim”, – dedi. “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə!” Allah: “İstədiyinizi yerinə yetirdim”, – dedi. “...bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” Allah: “İstədiyinizi yerinə yetirdim”, – dedi”. (“əl-Musnəd” (2070), Muslim (1/47), ət-Tabəri (6457), əl-Hakim (2/286-287), (Əhməd Şakir). Muslim, 126, 180, 345; ən-Nəsəi “Sunənul-Kubra” 10993, 11059).
[Sonra İbn Kəsir “əl-Musnəd” (3071) və ət-Tabəridə (6459, 6462) İbn Abbasdan gələn başqa rəvayətləri qeyd etmişdir. Daha sonra demişdir:]
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan bu hədislərin yolları səhihdir. Bu hədis İbn Abbasdan (Allah ondan razı olsun) sabit olduğu kimi, İbn Ömərdən (Allah ondan razı olsun) də sabit olmuşdur. əl-Buxari Mərvan əl-Əsğardan, o da Peyğəmbərin ﷺ səhabələrindən olmuş bir kişidən – hesab edirəm ki, o, İbn Ömər olub – belə rəvayət etdiyini demişdir: “Uca Allahın “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək” ayəsi özündən sonrakı ayənin hökmünü ləğv etmişdir”. (əl-Buxari, 4182, 4546). Əli, İbn Məsud, əş-Şabi, İkrimə, Səid ibn Cubeyr və Qatədədən də bu ayənin özündən sonrakı ayə ilə mənsux olduğu rəvayət edilmişdir.
Altı Sunnə kitabının müəllifləri Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Allah mənə (vəd etmişdir ki,) ümmətim (müəyyən) bir söz danışmayınca və ya bir əməl etməyincə, qəlblərindən keçən şeylərə görə onları cəzalandırmayacaqdır”. (əl-Buxari, 2343, 2528; Əbu Davud, 2209; ət-Trimizi, 1183, 1220). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Allah buyurur: “Qulum günah iş görmək istəsə, o, günahı edənədək bunu onun əleyhinə yazmayın. Əgər o, günah etsə, ancaq onun mislində günah yazın. Əgər bir yaxşılıq etmək istəsə və onu yerinə yetirməsə, buna  görə ona bir savab yazın, əgər onu yerinə yetirərsə ona bunun on misli qədər savab yazın”. (əl-Buxari, 6947, 7501).
İbn Cərir rəvayət edir ki, əl-Həsən əl-Basri bu ayənin “muhkəm” olub, hökmünün ləğv edilmədiyini demişdir. İbn Cərir də bu rəyi seçmişdir. Dediyini bununla əsaslandırmışdır ki, hesaba çəkilmək cəzalandırmağı tələb etməz. Çünki Uca Allah hesaba çəkib bağışlaya da bilər, cəzalandıra da bilər. Həmçinin rəyini Safvən ibn Muhrazdan rəvayət edilən bu hədislə əsaslandırmışdır. Safvən ibn Muhraz demişdir: “Biz Abdullah ibn Ömərlə birlikdə Kəbəni təvaf edərkən bir kişi onun qarşısına keçərək: “Ey İbn Ömər, qəlbdən keçən düşüncələr barədə Peyğəmbərdən ﷺ nə eşitmisən?”- deyə soruşdu. İbn Ömər belə cavab verdi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “(Qiyamət günü) mömin Qüdrətli və Əzəmətli Rəbbinə yaxınlaşar. Allah onu (hər tərəfdən) əhatə edib (məhşərə toplananların Onunla qulu arasında olan söhbəti eşitməkdən) qoruyaraq günahlarını ona etiraf etdirərək buyuracaq: “Bu günahı bilirsənmi?” Qul iki dəfə: “Ey Rəbbim, bilirəm”, – deyər. Nəhayət, Allah istədiyi qədərə çatınca belə buyurar: “Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram”. Sonra onun sağ əlinə (içində) yaxşı əməlləri yazılmış səhifələr və ya bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə şahid olanların qarşısında onlara: “Bunlar Rəbbinə iftira yaxanlardır”, – deyəcəklər. Allahın lənəti olsun zalımlara!” (“Hud”, 18)”. (əl-Buxari, 2261, 2441, 6960, 7514; İbn Məcə, 183). Bu hədis əl-Buxari və Muslimin “Səhih” əsərləri ilə yanaşı, başqa kitablarda da rəvayət olunmuşdur. (ət-Tabəri (6497), “əl-Musnəd” (5436, 5825), (Əhməd Şakir).
İbn Əbu Hatim Umeyyənin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Aişədən (Allah ondan razı olsun) Uca Allahın “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək” ayəsi barədə soruşdum. O dedi: “Bunu Peyğəmbərdən ﷺ soruşandan bəri (bu haqda) heç kim məndən soruşmamışdı. Bu, Allahın qulunu (dünyada ikən günahlarına görə) izləməsidir. İnsanın tutulduğu qızdırma xəstəliyində, başına gələn müsibətlərdə, hətta köynəyinin qoluna qoyduğu malını itirmiş sanıb təlaş keçirməsində, axtardıqdan sonra isə malını yanında tapmasında belə onun üçün günahlardan kəffarə var. Ən sonda saf qızılın atəşdə təmizləndiyi kimi, mömin qul da (başına gələn müsibətlərlə) günahlardan təmizlənmiş olar”. (İbn Əbu Hatim, 3062; ət-Tirmizi, 2991, 3259. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6086; Mişkətul-Məsabih, 1557). ət-Tirmizi və İbn Cərir hədisi belə rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Hədis ğaribdir”.
Mən deyirəm: “Əli ibn Zeyd ibn Cədan zəif bir ravidir və rəvayətlərində qəribəliklər var. O bu hədisi atasının xanımı (ögey anası) Ümeyyə bint Abdullahdan, o da Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir. Onun hədis kitablarında Aişədən (Allah ondan razı olsun) bundan başqa rəvayət etdiyi hədis yoxdur. (ət-Tirmizi (4/78-79), ət-Tabəri (6495), ət-Tayəlisi (1584), “əl-Musnəd” (6/217, Hələb nəşri). Allahın qulunu izləməsi – insanın başına gələn üzücü hadisələrdir. Bu hadisələri Uca Allah qulun günahlarını yumaq üçün davam etdirir. (Əhməd Şakir).
əl-Bəqərə, 285-286
آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ * لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
285. Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: ”Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”
286. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
 

Bu iki ayənin fəziləti barədə gələn hədislər:
(Allah bu iki ayə ilə bizi faydalandırsın!)
 
əl-Buxari Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Hər kim gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu ona (şeytandan qorunmaq üçün) kifayət edər”. (əl-Buxari, 3707, 4008; Muslim, 1340, 1914, əd-Dərimi, 1495). Bu hədisi İmam Əhməd və digər hədis kitablarının müəllifləri də rəvayət etmişlər.
Əbu Zərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Mənə Ərşin altındakı xəzinədən “əl-Bəqərə” surəsinin son (iki ayəsi) verildi. Bunlar məndən qabaq heç bir peyğəmbərə verilməmişdir”. (Əhməd, 21604, 21897. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1482). Hədisi İbn Mərdəveyh rəvayət etmişdir.
Muslim Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ İsra gecəsində (göyə) qaldırıldığı zaman son həddəki Sidr ağacının yanına qədər aparıldı. Bu (ağac) altıncı səmadadır. Yerdən yüksəldilən hər nə varsa ancaq oraya qədər gedib çata bilir və (hər şey) oradan götürülür. Üst tərəfindən endirilən hər nə varsa orada dayanır və oradan götürülür”. (Allah) buyurur: “O zaman Sidr ağacını bürüyən bürümüşdü” (“ən-Nəcm”, 16). Yəni qızıldan pərvanələr (və başqa bu kimi göz oxşayan şeylər). (Abdullah davam edib) dedi: “Orada Peyğəmbərə ﷺ üç şey verilmişdi: ona beş namaz bəxş edilmiş, (Yəni beş vaxt namaz qılmaq vacib buyurulmuşdur). “əl-Bəqərə” surəsinin son ayələri verilmiş (“əl-Bəqərə” surəsinin son ayələrinin harada nazil olması barədə alimlər arasında fikir ayrılığı var. Buna səbəb isə bu barədə müxtəlif hədislərin gəlməsidir. Belə ki bir hədisdə gəlmişdir ki, bu iki ayə Peyğəmbər ﷺ yerdə ikən nazil olmuşdur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Cəbrail (ona salam olsun) də onun yanında idi. Birdən Peyğəmbər ﷺ başının üstündə xışıltı səsi eşitdi. Cəbrail (ona salam olsun) göyə baxıb dedi: “Bu, göyün qapıları idi, açıldı! Bu günədək o heç vaxt açılmamışdı”. Oradan yerə bir mələk endi. Bu mələk indiyədək heç vaxt yerə enməmişdi. Mələk Peyğəmbərə ﷺ salam verdikdən sonra dedi: “Sənə verilən və səndən əvvəl heç bir peyğəmbərə verilməmiş bu iki nura sevin! Bu “əl-Fatihə” surəsi, bir də “əl-Bəqərə” surəsinin son ayələridir” (Muslim, 1913). Həmçinin əvvəlki ayənin təfsirində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə bildirilir ki, bu iki ayə Mədinədə nazil olmuşdur. Bu hədisdə isə bildirilir ki, bu iki ayə Peyğəmbərə ﷺ meracda verilmişdir. Alimlər bu hədisləri cəm edərək aşağıdakı kimi açıqlama vermişlər:
1.            Bu ayə Peyğəmbərə ﷺ iki dəfə nazil olmuşdur. Bir dəfə meracda vasitəsiz olaraq vəhy edilmişdir. Bir dəfə də Mədinədə nazil olmuşdur. Bu isə ayələrin əzəmətliyinə dəlalət edir.
2.            Mədinədə mələk bu ayələrin fəziləti, oradakı duaların qəbulu ilə müjdələməkdən ötrü nazil olmuşdur. Bu ayələrin özünü gətirməmişdir. əl-Qurtubi də bu rəyi üstün görmüşdür.
Beləliklə aydın olur ki, “əl-Bəqərə” surəsinin son ayələri Mədinədə yerdə nazil olmuşdur. Uca Allahın Peyğəmbərə ﷺ bu ayələri Meracda ikən vasitəsiz vəhy etmişdir. Sonra Mədinədə ikən təkrar nazil olmuşdur. Və ya Meracda ikən Uca Allah bu ayələrin nazil olması ilə Peyğəmbəri müjdələmişdir. Sonra həqiqətən Mədinədə nazil olmuşdur). və bir də ümmətindən Allaha heç bir şeyi şərik qoşmadan ölən kimsələr üçün sahibini həlak edəcək böyük günahların bağışlanması vəd edilmişdir (Burada “böyük günahların bağışlanması vəd edilmişdir” deyildikdə, tövhid əhlindən olan böyük günah sahibinin əbədi olaraq Cəhənnəm odunda qalmayacağı, nə vaxtsa oradan çıxıb Cənnətə daxil olacağı nəzərdə tutulur. Belə ki günahkarlar Qiyamət günü Allahın istəyi aldında olacaqlar. İstər onları bağışlar, istərsə də, onlara əzab verər)”. (Muslim, 252, 431, 449).
Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi”. Bu ayə ilə Uca Allah Peyğəmbərin ﷺ imanı barədə xəbər verir. Ayədə “Möminlər” sözü “Peyğəmbər” sözünə bağlıdır. Sonra Uca Allah onların hamısı barədə xəbər verərək buyurur: “Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər”. Möminlər Allahın təkliyinə, heç nəyə möhtac olmadığına, əksinə, bütün varlıqların ona möhtac olduğuna, Ondan başqa ibadətə layiq (haqq) məbudun və Rəbbin olmadığına iman gətirmişlər. Möminlər bütün elçiləri, peyğəmbərləri, Allahın qulları olan bu peyğəmbərlərə və elçilərə göydən endirilən kitabları təsdiq edirlər. Bir qisminə iman gətirib, bir qismini inkar etməklə, onlar arasında fərq qoymazlar. Peyğəmbərlərin bir qismi, Allahın izni ilə digər bir qisminin şəriətini ləğv etsə belə onların hamısı doğru danışan, insanlara yaxşılıq edən, doğru yolda olan və insanları xeyir yollarına yönəldən kəslərdir. Nəhayət, son peyğəmbər Muhəmmədin ﷺ gətiridiyi şəriətlə bütün peyğəmbərlərin şəriətləri nəsx olundu və bu şəriət Qiyamət qopana qədər davam edəcək və bu ümmətdən bir toplum daim haqq üzərində qalacaq.
Uca Allah buyurur: “Onlar dedilər: “Eşitdik və itaət etdik!”- yəni onlar dedilər: “Ey Rəbbimiz, sənin sözünü eşitdik, anladıq və əməl etdik. Lazım olanı yerinə yetirməklə əmrinə tam boyun əydik”. “Səndən bağışlanma diləyirik”. Bu, Allahdan bağışlanma və rəhmət diləməkdir. İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik” ayəsi barəsində demişdir: “Uca Allah cavab olaraq: “Sizi bağışladım”, – dedi”. (İbn Əbu Hatim, 3078, 3119; ət-Tabəri, 6540, 6580). “...dönüş də yalnız Sənədir!”- yəni haqq-hesab günü qayıdış və dönüş Sənədir.
Uca Allah buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər”- yəni Allah heç kəsə gücü yetəndən artığını yükləməz. Bu, Allahın yaratdıqlarına qarşı lütfündən, şəfqətindən və mərhəmətindən irəli gəlir. Bu ayə səhabələrin nazil olmasından böyük bir sıxıntı keçirdikləri - “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək” (“əl-Bəqərə”, 284) ayəsinin hökmünü ləğv etmişdir. Yəni Uca Allah insanı əməllərinə görə hesaba və sorğu-suala çəkmiş olsa da yalnız dəf etməyə gücü çatdığı halda etdiyi şeylərə görə əzab verəcəkdir. Dəf etməyə gücü çatmadığı vəsvəsə və fikrindən keçirdiyi şeylərə gəlincə, insan bunlara görə mükəlləf deyil. Pis vəsvəsələrdən narahatlıq keçirmək isə imandandır.
Uca Allah buyurur: “Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir”. Burada mükəlləf (məsuliyyət daşımaq iqtidarında) olan insanın əməlləri nəzərdə tutulur. Sonra Uca Allah qullarına Ona dua etməyi tövsiyə edir. Uca Allah bu duanı qəbul edəcəyini Öz üzərinə götürmüşdür və qullarına duanı Onun tövsiyə etdiyi və öyrətdiyi şəkildə əməl etməyi buyuraraq deyir: “Ey Rəbbimiz, unutsaq”, yəni fərz əməllərdən birini unutduğumuz zaman eyni şəkildə bir haram işlətsək; “və ya xəta etsək”, yəni hər hansı bir əməlin şəriətə uyğun şəklini bilmədiyimiz üçün doğru yerinə yetirməsək və səhv etsək, “bizi cəzalandırma!” Bundan əvvəl Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyini bildirdiyimiz hədisdə Uca Allah bu duaya cavab verərək: “Bəli”, İbn Abbasın hədisinə görə isə: “İstədiyinizi yerinə yetirdim!” buyurmuşdur.
İbn Məcə “Sunən” əsərində, İbn Hibban “Səhih” əsərində və ət-Tabərani İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Allah mənim ümmətimdən etdikləri xətalara, unutqanlıqdan və məcbur edilərək etdikləri əməllərə görə günahlarını qaldırmışdır”. (İbn Məcə, 2043, 2045. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 82). Hədis başqa yollarla da rəvayət edilib. Əhməd və Əbu Hatim hədisdə mötəbərliyə xələl gətirən səbəblərin olduğunu bildirmişlər. (Görünür ki, hədisin mötəbərliyinə xələl gətirən səbəb İbn Məcənin isnadında ravilər arasında kəsikliyin olmasıdır. Lakin İbn Hibban və ət-Tabəraninin isnadları bitişik və səhihdir. Həmçinin hədisi əl-Hakim (2/198) oxşar mətnlə və bitişik isnadla rəvayət etmişdir. əl-Hakim hədisin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə!”- yəni ey Rəbbimiz, gücümüz çatsa belə bizdən əvvəlki ümmətləri ağır yüklərlə və buxovlarla yüklədiyin kimi bizi çətin əməllərlə mükəlləf etmə. Sən rəhmət peyğəmbəri olan Muhəmmədi ﷺ onların ağır yüklərini yüngülləşdirən, onları buxovlardan xilas edən şəriətlə və asan olan hənif (Tək Allaha ibadət olunan) dinlə göndərmisən. Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) gələn hədisdə sabit olmuşdur ki, “Uca Allah bu duaya cavab verərək: “İstədiyinizi yerinə yetirdim!”- buyurmuşdur”. Müxtəlif yollarla gələn bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Mən hənif (Tək Allaha ibadət etməyi əmr edən) və ehkamları asan olan bir dinlə (peyğəmbər) göndərilmişəm”. (Əhməd, 22345, 22647; ət-Tabərani “Mucəmul-Kəbir” 7868. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2924).  
Uca Allah buyurur: “Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə!”- yəni ey Rəbbimiz, bizə gücümüzün çatmayacağı öhdəliklər, müsibətlər, bəlalar yükləmə və bizi gücümüz çatmayacaq şeylərlə sınama.
Uca Allah buyurur: “Bizi əfv et”, yəni Səninlə bizim aramızda olan bildiyin nöqsanlarımızı və səhvlərimizi bağışla! “bizi bağışla”, yəni bizimlə qulların arasında olan günahlarımızı bağışla! Qullarına bizim günahlarımızı və çirkin əməllərimizi açma; “bizə rəhm et!”- yəni müvəffəqiyyətin sayəsində gələcəkdə bizi başqa günahlara düşməyə qoyma! Bu səbəbdən alimlər demişlər: “Günahkar insan üç şeyə möhtacdır: özü ilə Allah arasında olan şeylərdə Allahın onu bağışlamasına; günahını digər qullarından gizləyərək qulları arasında onu rəzil etməməsinə; Allahın onu qoruyaraq buna bənzər günaha təkrar salmamasına”. Daha əvvəl hədisdə keçdiyi kimi, Uca Allah bu duaya da: “Bəli”, başqa bir hədisdə isə: “İstədiyinizi yerinə yetirdim!”- buyurmuşdur.
Uca Allah buyurur: “Sən bizim Himayədarımızsan!”- yəni Sən bizim dostumuz və köməkçimizsən. Sənə təvəkkül etdik. Yalnız Səndən kömək istənilər və Sənə etibar edilər. Sənin bizə verdiyin güc-qüvvətdən başqa güc-qüvvətimiz yoxdur. “Kafirləri məğlub etməkdə bizə yardım et!”- yəni Sənin dinini, təkliyini və göndərdiyin Peyğəmbəri ﷺ inkar edən, Səndən başqasına və Səninlə yanaşı başqasına ibadət edən kafirlərə qarşı bizə kömək et. Dünyada və Axirətdə onların üzərində zəfər çalmaqla bizə gözəl aqibət nəsib et! Allah bu duaya da cavab verərək: “Bəli”, Muslimin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə isə: “İstədiyinizi yerinə yetirdim!”- buyurmuşdur.
İbn Cərir rəvayət etmişdir ki, Muaz (Allah ondan razı olsun) bu surəni bitirdikdən sonra: “Amin (Allahım qəbul et!)“, – deyərdi. (İbn Əbu Şeybə “Musannəf” 8059).  
 
 
“əl-Bəqərə” surəsinin təfsiri bitdi.
Həmd olsun Aləmlərin Rəbbi Allaha!