3. "Ali-İmran" surəsinin təfsiri

    30.09.2026

Mərhəmətli və Rəhmli Allahın adı ilə
تَفْسِيرُ سُورَةِ آلِ عِمْرَانَ
Ali-İmran surəsinin təfsiri

 
“Ali-İmran” surəsi Mədinə surələrindəndir (hicrətdən sonra nazil olmuşdur). Bu surənin əvvəlindən 83-cü ayəyə qədər olan hissəsi Nəcran qəbiləsinin nümayəndələri haqqındadır. Onlar hicrətin doqquzuncu ilində Peyğəmbərin ﷺ yanına gəlmişlər. Bu barədə Allahın izni ilə daha ətraflı “Mubahələ” (lənətləşmə) ayəsinin təfsirində veriləcəkdir. (Ali-İmran surəsinin 61-ci ayəsinin təfsirində) “əl-Bəqərə” surəsinin əvvəlində həm “əl-Bəqərə”, həm də “Ali-İmran” surəsinin fəziləti barədə hədislər qeyd olunmuşdur.
 
Ali-İmran, 1-4
الم * اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ * نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَأَنْزَلَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ * مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Əlif. Ləm. Mim.
2. Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur.
3. O sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi.
4. Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

 
Kürsü ayəsini (“əl-Bəqərə”, 255) təfsir edərkən Allahın ən əzəmətli adının bu iki ayədə – “Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255) və “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“Ali-İmran”, 1-2) olması barədə varid olan hədisi qeyd etdik. Uca Allahın “Əlif. Ləm. Mim” ayəsi barədə “əl-Bəqərə” surəsinin əvvəlində danışdığımız üçün burada təkrar qeyd olunmasına ehtiyac yoxdur. Həmçinin Kürsü ayəsini təfsir edərkən Uca Allahın “Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” ayəsi barədə də söhbət açmışdıq.
Uca Allah buyurur: “O sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi”, yəni, ey Muhəmməd, sənə Quran heç bir şəkk-şübhə olmadan, Qüdrətli və Əzəmətli Allah qatından endirilmişdir. O, Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah yetər.
Uca Allah buyurur: “ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi”, yəni Quran özündən əvvəl səmadan Allahın qulları olan peyğəmbərlərə endirilmiş əvvəlki kitabları təsdiqləmək üçün nazil olmuşdur. Bu kitablar (Muhəmmədin - ona Allahın salavatı və salamı olsun - gəlişi barədə) vermiş olduqları xəbər və müjdə ilə Quranı təsdiqləyirlər. Quran da öz növbəsində bu kitabları təsdiqləyir, çünki Allahın Muhəmmədi ﷺ peyğəmbər olaraq göndərməsi və ona Əzəmətli Quranı nazil etməsi xəbərinə və müjdəsinə tam uyğun gəlir.
Uca Allah buyurur: “Tövratı” Musa ibn İmrana “və İncili də” Məryəm oğlu İsaya “daha əvvəllər”, yəni Quran nazil olmazdan əvvəl öz zamanlarında “insanlara doğru yolu göstərən rəhbər olmaq üçün” nazil etdik. “Furqanı (Furqan sözünün mənası “fərqləndirən”, “ayıran” deməkdir) da O nazil etdi”, Quran Uca Allahın zikr etdiyi kimi, açıq-aydın dəlillər və qəti sübutlarla hidayəti zəlalətdən, haqqı batildən, azğınlığı doğru yoldan fərqləndirən bir Kitabdır. Allah Quran vasitəsilə qullarına doğru yolu bəyan edir, başa salır, açıqlayır, sübut edir, ona yönəldir və ona əməl etməyi buyurur. Qatədə və ər-Rabi ibn Ənəs ayədəki “Furqan” sözünün xüsusi isim olduğunu və Quran anlamını ifadə etdiyini demişlər. İbn Cərir isə buradakı “Furqan” sözünün ümumi isim olub,فَرَّقَ  [fərraqa] “ayırmaq” feilinin məsdəri olduğunu deyənlərin rəyini qəbul etmişdir. (Furqan sözü burada Quranın adı deyil, onu vəsf edən məsdərdir). Çünki Quran sözü daha əvvəl “O sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi” ayəsində keçmişdir. Burada “Kitab” sözü “Quran” deməkdir.
Uca Allah buyurur: “Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün”, yəni Allahın ayələrini dananlar, qəbul etməyənlər və haqsız yerə rədd edənlər üçün “şiddətli bir əzab vardır”, yəni Qiyamət günü onları şiddətli bir əzab gözləyir. “Allah Qüdrətlidir”, yəni güc, qüvvət və əzəmətli səltənət sahibidir, “intiqam almağa qadirdir”, yəni ayələrini yalan sayanlardan, hörmətli elçilərinə və əzəmətli peyğəmbərlərinə qarşı çıxanlardan intiqam almağa qadirdir.
 
Ali-İmran, 5-6
إِنَّ اللَّهَ لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ * هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
5. Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
6. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.

 
Uca Allah bu ayədə göylərin və yerin qeybini bildiyini, bu qeybdən heç bir şeyin Ona gizli qalmadığını xəbər verir. “Bətnlərdə sizə istədiyi surəti verən Odur”, yəni sizi analarınızın bətnlərində istədiyi şəkildə – qadın və ya kişi, gözəl və ya çirkin, bədbəxt və ya xoşbəxt yaradan Odur. “Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir”. Yaradan və ibadət olunmağa layiq olan tək Odur. Onun şəriki də yoxdur. Sonsuz izzət, hikmət və hökm yalnız Onundur. Bu ayədə Məryəm oğlu İsanın (ona salam olsun) Allahın qulu və bir məxluq olduğu açıq-aydın ifadə edilir. Allah digər insanlar kimi, ona da anasının bətnində surət vermiş, sonra istədiyi şəkildə yaratmışdır. İsa (ona salam olsun) ana bətnində mərhələlərlə yaradılmış olduğu halda, xristianların iddia etdikləri kimi necə ilah ola bilər?! Necə ki Uca Allah buyurur: “Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan yaratdı. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranışdan-yaranışa salaraq yaradır” (“əz-Zumər”, 6).
 
Ali-İmran, 7-9
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ * رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ * رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
7. Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
8. Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.
9. Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!

 
Uca Allah bu ayədə Quranda mənası aydın olan (muhkəm) ayələr olduğunu və bu ayələrin “Ummul-Kitəb” (Kitabın anası) olduğunu xəbər verir. Yəni dəlalət etdikləri məna hər kəs tərəfindən açıq-aydın başa düşülən və heç kəsə qaranlıq qalmayan ayələrdir. Həmçinin Uca Allah xəbər verir ki, Quranda digər bir qisim – mənası aydın olmayan (mutəşabih) ayələr də vardır ki, insanlardan bir çoxu və ya bəziləri bu ayələrin dəlalət etdikləri mənanı başa düşməkdə çətinlik çəkirlər. Kim bu ayələrə mənası aydın olan ayələrlə açıqlama verərsə və mutəşabih ayələrin mənasını aydın olan ayələrin işığında düşünərsə, artıq doğru yolu tapmışdır. Bunun əksini edənlər isə yollarını azarlar. Bu səbəbdən Uca Allah “bunlar da Kitabın anasıdır” buyurur. Yəni muhkəm ayələr çaşqınlıq baş verdikdə müraciət ediləcək əsas ayələrdir. “Digərləri isə mənası aydın olmayan ayələrdir”, yəni dəlalət etdikləri məna baxımından muhkəm ayələrə uyğun gəlməsi ehtimal olunan ayələrdir. Bununla belə, bu ayələrin məqsəd baxımından deyil, ləfz və ifadə baxımından başqa bir şeyə dəlalət etməsi də mümkündür.
Alimlər muhkəm (mənası aydın olan) və mutəşabih (mənası aydın olmayan) ayələrin mənalarında ixtilaf etmişlər. Bu barədə sələf alimlərindən müxtəlif rəylər rəvayət edilmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mənası aydın olan ayələr – Quranda digər ayələrin hökmünü ləğv edən (nəsx edən), halalı, haramı, cəzaları və fərzləri bildirən, iman gətirərək əməl edilən ayələrdir”. Həmçinin İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mənası aydın olan ayələr Uca Allahın “De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini oxuyum. Ona heç nəyi şərik qoşmayın, valideynlərinizə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, anlayasınız” (“əl-Ənam”, 151) ayəsi ilə bundan sonra gələn iki ayə, habelə “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!” (“əl-İsra”, 23) ayəsi ilə bundan sonra gələn üç ayədir”. Bunu İbn Əbu Hatim Səid ibn Cubeyrdən rəvayət etmişdir. Həmçinin rəvayət olunur ki, Səid ibn Cubeyr Uca Allahın “bunlar da Kitabın anasıdır” sözü barədə belə demişdir: “Yəni Kitabın əsasıdır. Uca Allah bu ayələri “Kitabın anası” adlandırmışdır, çünki bu ayələr bütün səmavi kitablarda yazılmışdır”. (İbn Əbu Hatim, 3173).
Mənası aydın olmayan (mutəşabih) ayələr barədə isə deyilmişdir: “Bunlar hökmləri ləğv edilmiş (mənsux), yerdəyişmə üslubu işlənmiş (muqaddəm və muəxxar) (Yerdəyişmə üslubu işlənmiş ayəyə bu surənin 55-ci ayəsini misal göstərmək olar. Bu barədə daha ətraflı 55-ci ayənin təfsirində danışacağıq), məsəllər çəkilmiş, Uca Allahın and içdiyi (əqsəm) və iman gətirilən, lakin əməl edilməyən ayələrdir”. (İbn Əbu Hatim, 3174) Bu rəyi Əli ibn Əbu Talhə İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət etmişdir. Muqatil demişdir: “Mənası aydın olmayan ayələr surələrin əvvəlində olan heca hərfləridir”. Mucahid isə demişdir: “Mənası aydın olmayan ayələr bir-birini təsdiqləyir”. Lakin bu rəyi Uca Allahın “Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” (“əz-Zumər”, 23) ayəsinin təfsirində demişlər. Bu ayədə “ayələri bir-birinə bənzəyən” dedikdə eyni mövzuda gələn ayələr, “təkrarlanan” dedikdə isə Cənnət və Cəhənnəmin vəsfi, itaətkarlarla günahkarların halı və sair bu kimi bir-birinə əks olan iki mövzuda gələn ayələr nəzərdə tutulur. Burada isə mənası aydın olmayan (mutəşabih) ayələr dedikdə mənası aydın olan (muhkəm) ayələrin əksi nəzərdə tutulur.
Bu barədə deyilənlərin ən yaxşısı əvvəl qeyd etdiyimizdir. Muhəmməd ibn İshaq da eyni mənaya işarə edərək Uca Allahın “O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır” ayəsi barədə demişdir: “Bu ayələrdə Rəbbin dəlilləri, qulların haqlarının qorunması, mübahisəli məsələlərə və batilə rədd cavabı var. Bu ayələrin dəlalət etdikləri mənanı başqa yerə yozmaq və ya təhrif etmək mümkün deyil. Mənası aydın olmayan ayələr isə yozulması, təhrif olunması mümkün olan və müxtəlif cür şərh edilə bilən ayələrdir. Allah qullarını halal və haramları ilə sınadığı kimi, bu ayələrlə də sınağa çəkir. Elə isə bu ayələri batilə yönəltməyin, mənasını təhrif etməyin!”
Bu səbəbdən Uca Allah buyurur: “Qəlblərində əyrilik olanlar”, yəni qəlblərində azğınlıq və haqdan çıxıb batilə yönəlmə istəyi olanlar “fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər”, yəni onlar Quranda yalnız mənası aydın olmayan ayələri götürüb yanlış məqsədlərinə aid edə bilmək üçün onları istədikləri kimi təhrif edərlər. Çünki bu ayələri ləfz etibarilə istədikləri mənaya yozmaq mümkündür. Muhkəm ayələrdə isə onlar bu imkana sahib deyillər. Bu ayələr onların əleyhinə yönəlmiş təkzibolumaz sübutdur. Bu səbəbdən Uca Allah ayədə “fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər” deyə buyurur. Yəni özlərinə tabe olanları azdıraraq etdikləri bidət əməllərdə (dində yeniliklərdə) Qurana əsaslandıqlarına insanları inandırmaq üçün mənası aydın olmayan ayələrin ardınca düşərlər. Halbuki bu ayələr onların lehinə deyil, əleyhinə bir dəlildir. Məsələn, xaçpərəstlər Qurandan dəlil gətirərək Uca Allahın “Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur” (“ən-Nisa”, 171) ayəsini, Uca Allahın “O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur” (“əz-Zuxruf”, 59), “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” dedi, o da oldu” (“Ali-İmran”, 59) və s. bu kimi İsanın (ona salam olsun) Allah tərəfindən yaradılmış bir qul və Allahın göndərdiyi peyğəmbərlərdən biri olduğunu açıq şəkildə ifadə edən mənası aydın olan digər ayələri götürmürlər.
Uca Allah ayədə buyurur: “...istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər”, yəni onu istədikləri mənaya dəlalət edəcək şəkildə təhrif etmək üçün mənası aydın olmayan ayələrə uyarlar. Muqatil və əs-Suddi demişlər: “Onlar gələcəkdə baş verəcək şeyləri (qeybi) və hadisələrin aqibətini Qurandan öyrənmək istəyərlər”. İmam Əhməd Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Uca Allahın “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar...” ayəsini “Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” sözünə qədər oxudu və dedi: “Quran barədə mübahisə edənləri görsəniz, bilin ki, bu ayədə nəzərdə tutulan şəxslər məhz onlardır, onlardan çəkinin!” (əl-Musnəd (6/48), ət-Tayəlisi (1432-1433), əl-Buxari (8/157-159 Fəthul-Bari), Muslim (2/303-304), Əbu Davud (4598), ət-Tirmizi (4/80), İbn Məcə (47), İbn Hibban (72-75), ət-Tabəri (6605-6615), həmçinin Abdur-Razzəq və Muhəmməd ibn Yəhya əl-Abdi rəvayət etmişlər. (Əhməd Şakir). Əhməd. 24256, 24714. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 5)
İmam Əhməd Əbu Uməmədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Uca Allahın “Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər” ayəsi barədə demişdir: “Onlar xavariclərdir”. (Xavaric ərəbcə خَرَجَ  [xaracə] (çıxmaq) feilindən əmələ gəlmiş خَارَجِي  [xa:rici] (qarşı çıxan) sözünün cəmidir. Xarici deyildikdə müsəlman camaatından ayrılıb özünə dəstə yaradan və ya yaranmış belə bir dəstəyə qoşulan, dəlil-sübutsuz olaraq böyük günah sahibini kafir sayan və şəriətə zidd olan digər əxlaqları özündə cəm edən firqə nəzərdə tutulur. Bu firqə müsəlmanlar arasında meydana gəlmiş ilk firqədir. Onlar Allahın razı qaldığı, Cənnətlə müjdələnmiş, İslam üçün canından və malından keçmiş, ölənədək Peyğəmbərə ﷺ sadiq olmuş Osman və Əli (Allah onlardan razı olsun) kimi iki böyük səhabəni kafir sayıb şəhid etmişlər) Həmçinin Uca Allahın “O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır” (“Ali-İmran”, 106) ayəsi haqqında da “Onlar xavariclərdir” demişdir”. (Əhməd, 22313, 22614. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir) Hədisi İbn Mərdəveyh rəvayət etmişdir. Bu hədis ən azı səhabənin sözüdür, lakin mənası doğrudur. İslamda meydana çıxan ilk bidət (yenilik) xavariclər fitnəsidir. Bu firqənin əmələ gəlməsinin başlanğıcı dünya malına görə olmuşdur. Belə ki Peyğəmbər ﷺ Huneyn döyüşündə qənimətləri böldükdə bəziləri öz xarab düşüncələri ilə Peyğəmbərin ﷺ bu bölgüdə ədalətli davranmadığını düşündülər. İçərilərindən Zul-Xuveysira adlı biri gözlənilmədən qalxaraq “Ədalətli ol! Sən ədalətli davranmadın” dedi. Peyğəmbər ﷺ onun bu sözünə mat qaldı və dedi: “Ədalətli olmasam, ziyana uğramış olaram və həlak olaram. Allah mənə bütün yer üzünü etibar etdiyi halda, siz mənə etibar etmirsiniz?” Kişi dönüb getmək istədikdə Ömər – bir rəvayətə görə isə Xalid ibn Valid – onu öldürmək üçün Peyğəmbərdən ﷺ icazə istədi. Peyğəmbər ﷺ dedi: “Buraxın onu! Həqiqətən, onun nəslindən elə bir qövm çıxacaq ki, siz öz namazınızı onların namazı ilə, [orucunuzu onların orucu ilə], Quran oxumağınızı onların oxumağı ilə müqayisədə aşağı görəcəksiniz, lakin ox öz ovunu dəlib keçdiyi kimi onlar da İslamdan çıxacaqlar. Onlarla harada qarşılaşsanız, onları öldürün! Çünki onları öldürənə savab var”. (Bu mənada hədislər çoxdur. Hamısını qeyd etsək, siyahı çox uzanardı. Məsələn, Muslimin “Səhih” əsərinə (1/291-295), əl-Musnədə (616) və İbn Hibbana (24) bax. (Əhməd Şakir). əl-Buxari, 3341, 3610) 
Sonra onlar Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) zamanında ortaya çıxdılar və Əli onları Nəhravanda qılıncdan keçirdi. Daha sonra onlar müxtəlif tayfalara, qəbilələrə bölündülər, fikirlərə və bidət firqələrinə ayrıldılar və hər tərəfə yayıldılar. Onlardan Qədəriyyə (qəzavü-qədəri inkar edənlər), Mötəzilə, Cəhmiyyə və başqa bidət firqələr meydana gəldi. Peyğəmbər ﷺ bu barədə bizə xəbər verərək demişdir: “Ümmətim yetmiş üç firqəyə ayrılacaq. Onlardan biri istisna olmaqla hamısı cəhənnəmlikdir”. (Səhabələr) soruşdular: “Onlar (nicat tapan firqə) kimlərdir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Mənim və səhabələrimin yolu ilə gedənlərdir”. Hədisi əl-Hakim rəvayət etmişdir. (əl-Mustədrək (1/128-129) Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət olunur. (Əhməd Şakir). Əbu Davud, 4597; İbn Məcə, 3992; əl-Hakim, 10. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 204) 
Uca Allah buyurur: “Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz”. Qiraət alimləri bu cümlədə fikrin bitdiyi yer barədə ixtilaf etmişlər. (Alimlərin ixtilaf etməsinə səbəb budur ki, ayədə cümlənin bitdiyi yerdən asılı olaraq məna da dəyişir. Əgər cümlə الله  [Allah] kəlməsində bitirsə, məna belə olacaq: “Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Əgər cümlənin الْعِلْمِ فِي  [fil-ilm] kəlməsində bitdiyini desək, o halda məna belə olacaq: “Onun yozumunu isə Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Onlar deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Birinci mənaya görə, mənası aydın olmayan ayələrin mənalarını yalnız Allah bilir. İkinci mənaya görə isə “həmçinin elmdə qüvvətli olanlar da bu ayələrin mənalarını bilirlər”. (Əhməd Şakir) Bəziləri cümlənin الله  [Allah] kəlməsində bitdiyini və burada fasilə verməyin lazım olduğunu bildirmişlər. Necə ki daha əvvəl İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdik: “Quran ayələrinin təfsiri dörd qisimdir. Birinci: təfsirini bilmədiyinə görə heç kəsin üzrlü sayılmadığı (hər kəsin bilməsi vacib olduğu) ayələr. İkinci: ərəblərin oxuyarkən birbaşa başa düşdükləri ayələr. Üçüncü: təfsirini yalnız elmdə qüvvətli olanların bildiyi ayələr. Dördüncü: təfsirini yalnız Allahın bildiyi ayələr”. (Oxşar rəvayət İbn Kəsirin müqəddiməsində ət-Tabərinin rəvayəti ilə keçdi. İbn Abbasın (Allah ondan razı olsun) bu rəvayətdə “təfsirini yalnız Allahın bildiyi ayələr” deməsi dəlalət edir ki, İbn Abbas (Allah ondan razı olsun) da cümləninالله  [Allah] kəlməsində bitdiyini görür. Çünki bu rəyə görə, Quranda elə ayələr var ki, təfsirini Allahdan başqa heç kəs bilmir. (Əhməd Şakir). əş-Şingiti “Ədvaul-Bəyən” 1/193) Bu rəy Aişədən, Urvadan (Allah ondan razı olsun), Əbu əş-Şəsədən və başqalarından rəvayət olunur. Abdur-Razzəq rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayəni belə oxuyardı: “Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik...”. (İsnadı səhihdir. Bu qiraət tilavət məqsədi deyil, təfsir məqsədi daşıyır. Bu səbəbdən də, İbn Abbas ayədən الْعِلْمِ فِي  [fil-ilm] “elmdə” kəlməsini pozmuşdur. İbn Kəsirin əlyazmasında və çap olunmuş nüsxəsində sabit olan budur. ət-Tabəridə (6627) Abdur-Razzəqin rəvayətində də belə gəlmişdir. (Əhməd Şakir) İbn Cərir rəvayət etmişdir ki, Ömər ibn Abdul-Əziz və Malik ibn Ənəs ayəni belə açıqlayardılar: “Elmdə qüvvətli olanlar ona iman gətirər, lakin yozumunu bilməzlər”. İbn Cərir rəvayət etmişdir ki, Abdullah ibn Məsudun (Allah ondan razı olsun) qiraəti belədir: “Bu ayələrin yozumu yalnız Allah qatındadır. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik...” Ubey ibn Kəbdən (Allah ondan razı olsun) də belə rəvayət olunur. İbn Cərir də bu rəyi seçmişdir.
Bəzi qarilər isə ayədə cümlənin الْعِلْمِ فِي  [fil-ilm] kəlməsində bitdiyini və bu sözdə fasilə verməyin lazım olduğunu demişlər. (Bu rəyə görə, ayənin mənası belədir: “Onun yozumunu isə Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Onlar deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bu görüşə görə, mənası aydın olmayan ayələrin mənalarını elmdə qüvvətli olanlar da bilir) Təfsir və üsul alimlərinin bir çoxu bu rəyi seçərək demişlər: “Allahın Quranda qullarına aydın olmayan ayələrlə xitab etməsi mümkün deyil”.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mən mənası aydın olmayan ayələrin yozumunu bilən, elmdə qüvvətli olanlardan biriyəm”. Mucahid demişdir: “Elmdə qüvvətli olanlar mənası aydın olmayan ayələrin yozumunu bilərlər və “biz onlara iman gətirdik” deyərlər”. ər-Rabi ibn Ənəs də belə demişdir. Muhəmməd ibn Cəfər ibn əz-Zubeyr demişdir: “Ayədə qəsd edilən yozumu ancaq Allah və elmdə qüvvətli olanlar bilər. Elmdə qüvvətli olanlar “Biz onlara iman gətirdik” deyərlər. Sonra da mutəşabih (mənası aydın olmayan) ayələri yalnız bir cür açıqlana bilən muhkəm (mənası aydın olan) ayələrin mənalarından bildiklərinə qayıtmaqla təfsir edərlər. Beləliklə, Quranla onların sözləri üst-üstə gələr, biri digərini təsdiqləyər. Bununla da, sübut etibarlı olar, üzr zahir olar, batil aradan qalxar, küfr onunla rədd edilmiş olar”. Hədisdə rəvayət olunur ki, Peyğəmbər ﷺ İbn Abbas (Allah ondan razı olsun) üçün dua edərək buyurmuşdur: “Allahım, dini başa düşməyi ona müyəssər et  və ona Quranı təfsir etməyi öyrət!” (əl-Musnəd (2397) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur. Hədis kitabın müqəddiməsində keçmişdir. Bax: Fəthul-Bari (1/155). (Əhməd Şakir). Əhməd, 2397, 2881. Şueyb əl-Arnavut hədisin isnadının, Muslimin şərtlərinə görə, qüvvətli olduğunu bildirmişdir)
Bəzi alimlər bu mövzuda təfsilata varmış və demişlər: “Quranda التَّأْوِيلُ [tə'vi:l] “yozum” dedikdə iki məna nəzərdə tutulur:
Birinci; bir şeyin əsl mahiyyəti və son aqibəti. Məsələn, Uca Allahın “O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi” (“Yusuf”, 100) və “Yoxsa kafirlər yalnız onun (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: ...” (“əl-Əraf”, 53) ayələrində gəldiyi kimi. Burada Axirət həyatı ilə əlaqədar verilən xəbərlərin mahiyyəti nəzərdə tutulur. Əgər ayədə nəzərdə tutulan məna bu olarsa, o təqdirdə cümləالله  [Allah] kəlməsində bitir və burada fasilə vermək lazımdır. Çünki işlərin həqiqətini və mahiyyətini açıq şəkildə ancaq Uca Allah bilər. Bu halda “Elmdə qüvvətli olanlar” ifadəsi mübtəda, “deyərlər: “Biz onlara iman gətirdik” ifadəsi isə xəbərdir.
İkinci; bir şeyi təfsir etmək, açıqlamaq və bəyan etmək. Məsələn, Uca Allahın “Bunun yozumunu bizə bildir” (“Yusuf”, 36) ayəsində olduğu kimi. Əgər ayədə bu məna nəzərdə tutulsa, o zaman cümlə الْعِلْمِ فِي  [fil-ilm] kəlməsində bitir və bu sözdə fasilə vermək lazımdır. Bu nöqteyi-nəzərdən elmdə qüvvətli olanlar əşyaların mahiyyətini tam şəkildə əhatə etməsələr də, onlara yönələn xitabı başa düşüb anlaya bilirlər. Bu təqdirdə “deyərlər: “Biz onlara iman gətirdik” ifadəsi “Elmdə qüvvətli olanlar” ifadəsinin halı (tərzi-hərəkət zərfi) olur. Halın (tərzi-hərəkət zərfinin) bağlayıcı ilə bir-birinə bağlanmış iki sözdən birincisinə deyil, ikincisinə aid olması dil baxımından da icazəlidir. Məsələn, Uca Allahın bu ayələrində olduğu kimi: “Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur...” ta ki, “deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla” (“əl-Həşr”, 8-10) sözünə qədər. Həmçinin Uca Allahın: “Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək” (“əl-Fəcr”, 22), yəni mələklər səf-səf gələcək.
Uca Allah elmdə qüvvətli olanlardan xəbər verərək onların belə dediklərini bildirir: “Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik”, yəni mənası aydın olmayan ayələrə, ”hamısı bizim Rəbbimizdəndir”, yəni istər mənası aydın olan olsun, istər mənası aydın olmayan olsun, hamısı haqdır, biri digərini təsdiqləyir və haqq olmasına şahidlik edir. Çünki hamısı Allah qatındandır. Allahdan gələn ayələr arasında isə ziddiyyət, ixtilaf əsla olmaz. Uca Allah başqa bir ayədə buyurur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (“ən-Nisa”, 82). Bu səbəbdən Uca Allah ayənin sonunda buyurur: “Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”, yəni ancaq sağlam düşüncə və düzgün qavrama sahibləri ayələrin mənalarını doğru başa düşər, dərk edər və anlaya bilərlər.
İmam Əhməd Amr ibn Şueybdən, o da atasından, o da (Şueybin) babasından rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ münaqişə edən bir toplum gördü və dedi: “Sizdən əvvəlkilər məhz buna görə həlak oldular. Onlar Allahın Kitabının bir qisminin digər qisminə zidd olduğunu düşündülər. Halbuki Allah Kitabının bir hissəsi digər hissəsini təsdiqləmək üçün endirmişdir. Bir qismini təsdiqləyib, digər qismini inkar etməyin! Yalnız bildiyinizi söyləyin, bilmədiyinizi isə onu bilənlərə həvalə edin!” (Əhməd, 6741. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 237) Hədisi İbn Mərdəveyh də rəvayət etmişdir. (əl-Musnəd (6741). (Əhməd Şakir)
Əbu Yəalə rəvayət edir ki, Əbu Sələmə (Allah ondan razı olsun) demişdir: “Bildiyimə görə, Əbu Hureyra Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Quran yeddi hərf üzərində (yeddi ləhcədə) nazil olmuşdur. Quran barədə mübahisə etmək küfrdür”. Peyğəmbər ﷺ bunu üç dəfə təkrar etdi, sonra sözünə davam edərək dedi: “Qurandan bildiyinizə əməl edin, bilmədiyiniz şeylərdə isə bilənlərə müraciət edin”. (Əhməd, 7976. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1522) Hədisin isnadı səhihdir. Lakin Əbu Sələmənin (Allah ondan razı olsun) (şəkk edərək): “Bildiyimə görə, Əbu Hureyra...” deməsi hədisin isnadına xələl gətirir. (İbn Hibban (73) Əbu Yəalənin isnadı ilə, əl-Musnəd (7976), ət-Tabəri (7). Hədis səhihdir, çünki başqa rəvayətlərdə bu şəkk rəvayət olunmayıb. (Əhməd Şakir) İbn əl-Munzir rəvayət etmişdir ki, Nafi ibn Yəzid demişdir: “Elmdə qüvvətli olanlar Allah üçün təvazökarlıq edənlərdir. Onlar Allahın razılığını qazanmaq üçün Ona boyun əyən, özlərindən üstün olanlarla mübahisə etməyən, özlərindən aşağı olanları isə alçaq görməyənlərdir”. (İbn əl-Munzir “Təfsir” 263).
Sonra Uca Allah elmdə qüvvətli olanların Rəblərinə dua edərək belə dediklərini xəbər verir: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma”, yəni bizi doğru yolda sabit etdikdən sonra qəlbimizə əyrilik salma və bizi qəlblərində əyrilik olanlar kimi Quranın mənası aydın olmayan ayələrinə uyanlardan etmə, əksinə, bizi Öz doğru yolunda, haqq dinində sabit et! “Bizə Öz tərəfindən”, yəni Öz dərgahından “mərhəmət bəxş et” ki, onunla qəlblərimizi haqq dinində sabit edəsən, dağınıq işlərimizi sahmana salasan, imanımızı və yəqinliyimizi artırasan. “Həqiqətən, Sən Bəxşedənsən”.
İmam Əhməd rəvayət etmişdir ki, Şəhr ibn Həuşəb demişdir: “Ummu Sələmədən (Allah ondan razı olsun) eşitmişəm ki, Peyğəmbər ﷺ ən çox bu duanı edərdi: “Ey qəlbləri çevirən Allahım! Qəlbimi dininin üzərində sabit et!” (Transkrpsiyası: Yə: Muqallibəl-Qulu:b, səbbit qalbi alə di:nik) Mən ondan soruşdum: “Ey Allahın Elçisi! Məgər qəlblər çevrilir?” Peyğəmbər ﷺ dedi: “Bəli, elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından ikisinin arasında olmasın. O, istədiyini (haqq üzərində) sabit edər, istədiyini də sapdırar”. Ummu Sələmə (Allah ondan razı olsun) dedi: “Rəbbimiz olan Allahdan diləyirik ki, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizə azğınlıq salmasın! Bizə Öz tərəfindən bir mərhəmət bəxş etsin, həqiqətən, O, bəndələrinə mərhəmət bəxş edəndir!” Sonra Ummu Sələmə Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, mənə bir dua öyrət ki, özüm üçün (onunla) Allahdan istəyim”. Peyğəmbər ﷺ dedi: “Əlbəttə, öyrədərəm. Dua edərkən belə de: “Allahım, ey Muhəmməd Peyğəmbərin Rəbbi, günahlarımı bağışla, qəlbimdən qəzəbi silib apar və məni həyatda saxladığın müddətdə azdırıcı fitnələrdən qoru!” (Əhməd, 26576, 27111. Şueyb əl-Arnavut hədisin səhih, isnadının isə zəif olduğunu bildirmişdir) Bu hədisi Əhməd yenə Şəhr ibn Həuşəbdən daha müxtəsər şəkildə “Rəbbimiz olan Allahdan diləyirik ki, bizi...” hissəsini sonuna qədər zikr etmədən rəvayət etmişdir. Onun rəvayəti belədir: “Şəhr ibn Həuşəb deyir ki: “Ummu Sələmədən soruşdum: “Ey möminlərin anası! Allah Elçisi sənin yanında olduqda ən çox hansı duanı edərdi?” O dedi...”. (ət-Tirmizi, 3522, 3864. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2091) Sonra yuxarıdakı hədisi qeyd etdi. İbn Mərdəveyh rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) belə demişdir: “Peyğəmbər ﷺ çox vaxt bu duanı edərdi: “Ey qəlbləri çevirən (Allahım), qəlbimi dinin üzərində sabit et!” Mən ona dedim: “Ey Allahın Elçisi, bu duanı nə çox edirsən!” Peyğəmbər ﷺ dedi: “Elə bir qəlb yoxdur ki, ər-Rahmənin barmaqlarından ikisinin arasında olmasın. O, (haqq üzərində) sabit etmək istədiyinin qəlbini sabit edər, azdırmaq istədiyini də azdırar. Məgər Uca Allahın “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” ayəsini eşitməmisən?”  Hədisin bu şəkildə rəvayət olunması ğaribdir. Lakin hədisin əsli əl-Buxari və Muslimin “Səhih” əsərlərində və digər hədis kitablarında müxtəlif yollarla ayə zikr olunmadan qeyd edilmişdir. Abdur-Razzəq Əbu Abdullah əs-Sunəbihidən rəvayət etmişdir ki, bir dəfə o Əbu Bəkr əs-Siddiqin arxasında Məğrib namazını qılmışdır. Əbu Bəkr ilk iki rükətdə “əl-Fatihə” surəsi ilə qısa “Mufəssəl” (“əd-Duha” surəsindən sona kimi olan) surələrdən ikisini oxudu. Əbu Abdullah əs-Sunəbihi dedi: “Əbu Bəkrin üçüncü rükətdə də nəsə oxuduğunu eşitdim. Ona yaxınlaşdım. Hətta az qala paltarım paltarına toxunsun və üçüncü rükətdə “əl-Fatihə” surəsi ilə Uca Allahın “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” ayəsini oxuduğunu eşitdim”. 
Uca Allah buyurur: “Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!” Yəni həmçinin onlar dualarında deyərlər: “Ey Rəbbimiz, şübhəsiz ki, Sən, yaratdıqlarını Sənə dönəcəkləri gündə bir yerə toplayacaqsan. Sonra onları biri-birindən ayırıb ixtilaf etdikləri məsələlərdə onlar arasında hökm verəcəksən və dünyada etdiyi xeyir və şər əməllərinə görə hər kəsin mükafatını və cəzasını verəcəksən.
 
Ali-İmran, 10-11
إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا وَأُولَئِكَ هُمْ وَقُودُ النَّارِ * كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
10. Kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.
11. Onların əməlləri Firon nəslinin və onlardan əvvəlkilərin əməllərinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.

 
Uca Allah bu ayədə kafirlərin Cəhənnəmin yanacağı olduğunu bildirir. “O gün zalımların üzr diləmələri (onlara) heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (“Ğafir”, 52). Onlara dünyada ikən verilən mallar və uşaqlar Allah yanında fayda verməyəcək, onları Allahın ağrılı-acılı əzabından qurtara bilməyəcək. Əksinə, Uca Allah buyurur: “Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir” (“ət-Tövbə”, 85). “Qoy kafirlərin diyarbadiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!” (“Ali-İmran”, 196-197). Burada isə belə buyurur: “Kafir olanların”, yəni Allahın ayələrini inkar edənlərin və peyğəmbərlərini yalan sayanların, Allahın Kitabına qarşı çıxanların, Onun peyğəmbərlərinə göndərdiyi vəhydən faydalanmayanların “nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar”, yəni Cəhənnəmi alovlandıran odunlardır. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz” (“əl-Ənbiya”, 98).
İbn Əbu Hatim rəvayət etmişdir ki, Abdullah ibn Abbasın anası Ummul-Fadl (Allah ondan razı olsun) demişdir: “Biz Məkkədə idik. Bir gecə Peyğəmbər ﷺ qalxdı və üç dəfə: “Bu dini sizə təbliğ etdimmi?”– dedi. Ömər (Allah ondan razı olsun) qalxdı və dedi: “Bəli!” Səhər açıldıqda Peyğəmbər ﷺ dedi: “İslam mütləq qalib gələcək və küfrü gəldiyi yerə geri qaytaracaq. Siz İslamla dənizlərə çıxacaqsınız. İnsanlar elə bir zaman gələcək ki, Quranı öyrənib oxuyacaqlar, sonra isə deyəcəklər: “Biz Quranı oxuduq və öyrətdik, bizdən daha xeyirli kim ola bilər?” Sizcə, bu insanlarda xeyir varmı?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, onlar kimlərdir?” Peyğəmbər ﷺ dedi: “Onlar sizdəndir və onlar Cəhənnəmin yanacağıdırlar”. İbn Mərdəveyh də oxşar hədisi rəvayət etmişdir. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 12844, 20566; İbn Əbu Hatim, 3229)
Uca Allah buyurur: “Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni onların etdikləri Firon nəslinin və onlardan əvvəlkilərin etdiklərinə bənzəyir”. İkrimə, Mucahid və başqalarından da belə rəvayət edilmişdir. Bəziləri isə demişlər: “Yəni Firon nəslinin tutduğu yol və iş kimi. Firon nəslinin bənzəri kimi”. Lakin bu deyilən sözlərin hamısı bir-birinə yaxındır. Ayədə keçən الدَّأْبُ  [əd-dəb] sözü الدَّأَبُ  [əd-dəəb] kimi də deyilir. Necə ki “çay” sözünə həm النَّهْرُ  [ən-nəhr], həm də النَّهَرُ  [ən-nəhər] deyilir. Mənası isə “əməl”, “hal”, “iş” və “adət” deməkdir. Necə ki ərəblər deyir: هَذَا دَأبِي وَدَأبُكَ  [hə:zə də'bi va dəbukə] “Mənim də, sənin də etdiyimiz budur”.
Ayənin mənası isə belədir: “Firon nəslinə və onlardan əvvəl Allahın göndərdiyi peyğəmbərlərin gətirdiyi ayələri və dəlilləri inkar edənlərə malları və uşaqları fayda vermədiyi kimi, kafirlərə də malları və uşaqları fayda verməyəcək və onlar həlak olub əzaba düçar olacaqlar”.
Uca Allah buyurur: “Allah şiddətli cəza verəndir”, yəni Allahın günahkarları yaxalaması şiddətli, əzabı isə ağrılı-acılıdır. Heç kim Ondan yaxa qurtara bilməz, heç nə ondan yayına bilməz. O, istədiyini edən, Öz işini qələbə ilə başa çatdırandır, hər şey Ona boyun əyər. Ondan başqa ibadətə layiq haqq ilah və Ondan başqa Rəbb də yoxdur.
 
Ali-İmran, 12-13
قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ * قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ
12. Kafirlərə de: "Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!"
13. Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar qarşı tərəfin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

 
Uca Allah bu ayədə buyurur: “Ey Muhəmməd! Kafirlərə de ki: “Siz (dünyada) mütləq məğlub olacaq”, Qiyamət günü isə “Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” Muhəmməd ibn İshaq Asim ibn Ömər ibn Qatədədən rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Bədr döyüşündə əldə etdiyi qələbə ilə Mədinəyə qayıtdıqda yəhudiləri Bənu Qaynuqa bazarına yığdı və dedi: “Ey yəhudi camaatı! Allah Qureyşin başına gətirdiyini sizin başınıza gətirməmiş müsəlman olun!” Onlar dedilər: “Ey Muhəmməd! Qureyşdən döyüşə bilməyən naşı bir dəstəni öldürməyin səni aldatmasın. Əgər sən bizimlə döyüşsən, bizim kim olduğumuzu bilərsən və bilərsən ki, bizim kimilərlə qarşılaşmamısan”. Uca Allah da, belə deyənlərə görə, bu ayəni nazil etdi: “Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar qarşı tərəfin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”. (Əbu Davud, 3001, 3003; İbn Əbu Hatim, 3234. Ali Nəsr şahidləri ilə birlikdə həsən olduğunu bildirmişdir). Həmçinin İbn İshaq bu hədisi İbn Abbasdan (Allah ondan razı olsun) da rəvayət etmişdir. Bu səbəbdən Uca Allah “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi” buyurur. Yəni ey bu sözləri söyləyən yəhudilər, biri Allah yolunda döyüşən müsəlmanlar, digəri isə Qureyş müşrikləri olmaqla Bədr döyüşündə “Qarşı-qarşıya gələn iki dəstədə” sizin üçün bir “ibrət var idi”. Yəni Allahın Öz dinini ucaldacağına və Peyğəmbərinə yardım edəcəyinə dair bir dəlil var.
İbn Cəririn nəql etdiyinə görə, bəzi alimlər Uca Allahın “Onlar qarşı tərəfin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər” ayəsi barədə demişlər: “Müşriklər Bədr döyüşü günü müsəlmanların sayının özlərindən iki dəfə artıq olduğunu görürdülər. Uca Allah onların belə görməsini İslamın müşriklər üzərində qalib gəlməsinə səbəb etdi”. Lakin belə deməkdə bir maneə var. Belə ki müşriklər o gün döyüşdən əvvəl müsəlmanların sayını təxmin etmək üçün Ömər ibn Sadı göndərmişdilər. O da dönüb müsəlmanların təxminən üç yüz nəfər olduqlarını bildirmişdi. Həqiqətən də, müsəlmanlar Bədr döyüşündə üç yüz on nəfərdən bir az artıq idilər. Döyüş başladıqda isə Allah seçilmiş min mələyi müsəlmanlara köməyə göndərdi.
Bu ayənin mənası barədə deyilən ikinci rəy belədir: “Onlar qarşı tərəfin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər“, yəni müsəlmanlar kafirlərin sayca özlərindən iki dəfə artıq olduğunu gözləri ilə görürdülər. Buna baxmayaraq, Uca Allah müsəlmanları kafirlər üzərində qalib etmişdir. Bu məna İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan hədisə uyğundur. İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, möminlər Bədr döyüşündə üç yüz on üç nəfər, müşriklər isə altı yüz iyirmi altı nəfər idilər. İbn Abbasın bu rəyi ayənin zahirinə uyğun olsa da, tarixçilərdən gələn məşhur rəvayətlərə və əksər alimlərin sözlərinə görə, müşriklərin sayının doqquz yüz – min arası olması sözünə ziddir. Necə ki Muhəmməd ibn İshaq və digərləri belə rəvayət etmişlər. Hər halda, müşriklərin sayı möminlərin sayından üç dəfə artıq olmuşdur. Bu səbəbdən müşriklərin sayının möminlərin  sayından iki dəfə artıq olması rəvayəti şübhəlidir. Ən doğrusunu Allah bilir. Lakin İbn Cərir bu rəyi doğru saymış və belə əsaslandırmışdır: “Bu, bir insanın belə deməsinə bənzəyir: “Məndə bir şeydən min ədəd var və bunun iki mislinə ehtiyacım var”. Beləliklə, sən üç minə ehtiyac duymuş olursan”. Bu izaha görə, bu rəvayətdə hər hansı bir maneə yoxdur, lakin burada hər iki rəvayətdə meydana çıxan bir suala cavab tapmaq lazımdır. Bu ayə ilə Uca Allahın Bədr döyüşü barədə endirdiyi “O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin” (“əl-Ənfal”, 44) ayəsini necə cəm edə bilərik? Cavab belədir: Bu ayə bir hala, digər ayə isə başqa bir hala görə nazil olmuşdur. Necə ki İbn Məsudun (Allah ondan razı olsun) Uca Allahın “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi” ayəsi barədə belə dediyi rəvayət edilir: “Burada Bədr günü nəzərdə tutulur. Biz müşriklərə baxdıqda onların bizdən iki dəfə artıq olduqlarını gördük. Sonra bir daha onlara baxdıq və gördük ki, onlar bizdən bir adam belə artıq deyillər. Bu isə Uca Allahın “O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin” (“əl-Ənfal”, 44) ayəsinin dəlalət etdiyi haldır”. (İbn Əbu Hatim, 3244) Hər iki dəstə bir-birinə baxdıqda müsəlmanlar müşrikləri özlərinin iki misli qədər gördülər, yəni iki dəfə artıq gördülər. Bu ona görə idi ki, müsəlmanlar Allaha üz tutsunlar və Rəblərindən yardım istəsinlər. Həmçinin müşriklər də müsəlmanları özlərindən iki dəfə artıq gördülər. Bu isə qəlblərinə qorxu, təşviş və narahatlıq düşməsi üçün idi. Daha sonra hər iki dəstə döyüş üçün səflərə düzülüb qarşı-qarşıya gəldikdə Allah qarşılıqlı olaraq möminləri müşriklərə, müşrikləri isə möminlərə az göstərdi ki, bir-birlərinin üstünə hücum çəksinlər və Allah “olacaq işi yerinə yetirsin”, yəni haqla batili ayırsın, imanı küfr və azğınlıq üzərində qalib etsin, möminləri izzətləndirsin, kafirləri isə zəlil etsin. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi” (“Ali-İmran”, 123). Burada isə buyurur: “Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”, yəni Allahın hikmətini, Onun etdiklkərini, həm bu dünyada, həm də Axirətdə mömin qullarına yardımı ilə cərəyan edən qəzavü-qədərini anlayan və dərk edən bəsirət sahibləri üçün, əlbəttə, bunda ibrətlər vardır.
 
Ali-İmran, 14-15
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللَّهُ عِنْدَهُ حُسْنُ الْمَآبِ * قُلْ أَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِنْ ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُطَهَّرَةٌ وَرِضْوَانٌ مِنَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
14. Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkinlərin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.
15. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.

 
Uca Allah bu ayələrdə dünya həyatında insanlar üçün bəzədilib xoş göstərilən qadınlardan, uşaqlardan və digər müxtəlif zövqverici şeylərdən söhbət açır. Uca Allah ilk olaraq qadınlardan başlayır, çünki onlara tamah daha şiddətlidir. “Səhih” əsərində gələn hədisdə Peyğəmbər ﷺ demişdir: “Özümdən sonra kişilər üçün ehtiyat etdiyim ən təhlükəli fitnə qadınlardır”. (əl-Musnəd (5/200, 210 Hələbi nəşri), əl-Buxari (9/118 Fəthul-Bari), Muslim (2/320). Usamə ibn Zeyddən (Allah ondan razı olsun) rəvayət olunur. (Əhməd Şakir). əl-Buxari, 4706, 5096) Lakin əgər bu tamah evlənmək və uşaqların sayını artırmaq məqsədi daşıyarsa, əlbəttə, bu, şəri cəhətdən tələb olunan və bəyənilən əməldir. Necə ki Peyğəmbərin ﷺ hədislərində evlənməyə və qadınların sayını (dörddən artıq olmamaq şərtilə) artırmağa təşviq edilmişdir. Peyğəmbər ﷺ demişdir: “Bu ümmətin ən xeyirliləri qadınları ən çox olanlardır”. (Əhməd (2048, 2179, 3508), əl-Buxari (9/99 Fəthul-Bari) və əl-Hakim (2/160) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Əhməd, 2048. Şueyb əl-Arnavut səhih li-ğeyrihi olduğunu bildirmişdir) Başqa bir hədisdə demişdir: “Dünya həyatı keçici zövqdür. Onun ən xeyirli zövqü isə əməlisaleh qadındır. Ona baxdığında səni sevindirər, ona bir şey əmr etdiyində yerinə yetirər (itaət edər), yanında olmadığın zaman ismətini və malını qoruyar”. (Hədisi bu mətnlə bütöv hədis olaraq tapa bilmədim. Görünür, əl-Hafiz İbn Kəsir bunu hafizəsindən yazmışdır. Birinci hədisi “Dünya həyatı keçici zövqdür. Onun ən xeyirli zövqü isə əməlisaleh qadındır” Əhməd, Muslim və başqaları Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədisin qalan hissəsini Əhməd (7145) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Mətni belədir: “Peyğəmbərdən ﷺ soruşuldu: “Ən xeyirli qadınlar hansılardır?” Peyğəmbər ﷺ dedi: “Əri ona baxdıqda onu sevindirən, əmr etdikdə itaət edən, ərinin xoşlamadığı şeyləri etməyən, ərinin namusunu və malını qoruyan qadındır”. Hədisi, həmçinin ən-Nəsəi (2/72) və əl-Hakim (2/161-162) rəvayət etmişlər. əl-Hakim hədisin Muslimin şərtinə görə səhih olduğunu demişdir. əz-Zəhəbi bununla razılaşmışdır. Əbu Davud mənaca buna oxşar bir hədisi İbn Abbasın (Allah ondan razı olsun) hədisinin tərkibində rəvayət etmişdir (1664). əl-Munziri bildirmişdir ki, hədisi İbn Mərdəveyh və əl-Hakim də rəvayət etmişlər. əl-Hakim hədisin əl-Buxari və Muslimin şərtinə görə səhih olduğunu demişdir. İbn Kəsir bu hədisi ət-Tövbə surəsinin 34-35-ci ayələrinin təfsirində təkrar gətirəcək. (Əhməd Şakir). Muslim, 2668, 3716; ət-Tabərani “Mucəmul-Kəbir” 478) Başqa bir hədisdə isə demişdir: “Mənə qadınlar və gözəl ətir sevdirildi, gözümün nuru isə namazdadır”. (Əhməd (12320, 13089, 14082), ən-Nəsəi (2/71) və əl-Hakim (2/160) Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişlər. əl-Hakim hədisin Muslimin şərtinə görə səhih olduğunu demişdir. əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 3879, 3940. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5261)  
Bəzən övlad sevmək insanlar arasında öyünmək və xoş görünmək üçün olur. Bu cür sevgi bu ayənin hökmünə daxildir. Bəzən isə nəslin və tək Allaha ibadət edən Muhəmməd ﷺ ümmətinin artırılması məqsədi daşıyır. Bu məqsədlə oğul-uşağı sevmək, əlbəttə, gözəl və bəyənilən bir əməldir. Necə ki bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Gənc və çox uşaq doğan qadınlarla evlənin, çünki sizin sayənizdə mən Qiyamət günü ümmətimin digər ümmətlərdən çox olması ilə fəxr edəcəyəm”. (Məqil ibn Yəsərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisin bir hissəsidir. Hədisi Əbu Davud (2050), ən-Nəsəi (2/156) və əl-Hakim (2/162) rəvayət etmişlər. əl-Hakim hədisin səhih olduğunu bildirmişdir, lakin əl-Hakimin rəvayətində “Qiyamət günü” sözü yoxdur. (Əhməd Şakir). Əbu Davud, 2050, 2052. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1784) Həmçinin mal-dövlət sevgisi də bəzən öyünmək, zəiflər arasında təkəbbürlük etmək və kasıblar arasında lovğalanmaq məqsədilə olur. Bu, əlbəttə, pislənən bir əməldir. Bəzən isə yaxınlarına xərcləmək, qohumluq əlaqələrini yaxşılaşdırmaq, müxtəlif yaxşılıq və itaətlər üçün sərf etmək məqsədi daşıyır. Bu isə şəriət baxımından gözəl və təriflənən əməldir. Təfsir alimləri ayədə işlənən قِنْطَار [qinta:r] “qızıl-gümüş” sözünün miqdarında ixtilaf etmişlər. Xülasə olaraq, demək olar ki, bu, çox sayda qızıl-gümüş deməkdir. Necə ki əd-Dahhək və başqaları demişlər. Bəziləri bunu min dinar, bəziləri min iki yüz dinar, bəziləri isə on iki min dinar müəyyən etmişlər. Qırx min dinar, altmış min dinar və daha artıq deyənlər də olmuşdur.
At sevgisi isə üç növdür:
1.            Bəzən at sahibləri onları Allah yolunda istifadə etmək üçün bəsləyərlər. Ehtiyac duyulduğu zaman onlara minərək Allah yolunda döyüşərlər. Bu məqsədlə at bəsləyənlər əməllərinə görə savab qazanırlar.
2.            Bəzən at sahibinin məqsədi lovğalıq etmək, özünü göstərmək və ya saxladığı atı müsəlmanların əleyhinə istifadə etmək üçün olur. Bu at sahiblərinə isə günah yazılır.
3.            Bəzən isə at sahibi atını insanlara möhtac olmasın və dilənməsin deyə (qazanc məqsədilə) saxlayır, üstəlik onu bəslədikdə Allahın haqqını da unutmur. Bu at onun üçün (kasıbçılıqdan və ehtiyacdan) bir örtükdür.
Bu barədə rəvayət olunan hədis Uca Allahın “Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” (“əl-Ənfal”, 60) ayəsinin təfsirində gələcək. (Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “At (saxlamaq) kimisinə savab qazandırar, kimisinin (kasıbçılığını) ört-basdır edər, kimisinə də günah qazandırar. Savab qazanan adama gəlincə, bu o kimsədir ki, atını otlaqda və ya bağ-bağatlı yerdə uzun kəndirlə bağlayıb Allah yolunda (döyüşmək üçün) saxlamışdır. At otlaqda və ya bağçada otladığı müddət ərzində ona savab yazılar. Hərgah atın kəndiri qırılarsa və at qaçıb bir, yaxud iki təpə aşarsa, onun qoyduğu ləpirlərə və (ifraz etdiyi) nəcisinə görə (yiyəsinə) savab yazılar; və əgər bir çaydan keçib ondan su içərsə, yiyəsinin onu sulamaq istəyi olmasa belə, buna görə ona savab yazılar. Beləliklə də, bu at ona savab qazandırar. Digəri isə atını insanlara möhtac olmasın və dilənməsin deyə (qazanc məqsədilə) saxlayan, üstəlik onu bəslədikdə Allahın haqqını unutmayan kimsədir. Bu at onun üçün örtük olar. (Üçüncüsü isə,) atını lovğalıq etmək, özünü göstərmək və ya onu müsəlmanların əleyhinə istifadə etmək məqsədilə saxlayan kimsədir. Bu at ona günah qazandırar”. əl-Buxari, 2198, 2371).
Ayədə keçən الْمُسَوَّمَةُ [əl-musəvvəmə] “cins“ sözünə gəlincə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, bu söz əhliləşdirilmiş, yaradılışı kamil, gözəl mənasındadır. Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqalarından da belə rəvayət edilmişdir. Məkhul demişdir: “Bu sözlə alnında və ayağında ağ ləkələri olan atlar nəzərdə tutulur”. Bu barədə başqa rəylər də deyilmişdir. İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Elə bir ərəb atı yoxdur ki, hər dan yeri söküləndə ona iki dəfə dua etmək icazə verilməsin. O, duasında deyər: “Allahım! Sən məni Adəm övladına verdin. Elə isə, məni onun ən sevdiyi malından və əhlindən et və ya əhlindən və malından et!” (əl-Musnəd (5/170 Hələbi nəşri), ən-Nəsəi (2/121). Əhməd bundan əvvəl başqa sənədlə daha uzun mətnlə rəvayət etmişdir. Hər iki hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 21535, 21829. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2414).
Ayədə “mal-qara” dedikdə dəvə, inək və qoyunlar, “əkinlər” dedikdə isə ağac və əkinçilik üçün istifadə edilən ərazilər nəzərdə tutulur. İmam Əhməd Suveyd ibn Hubeyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İnsanın ən xeyirli malı bol nəsil verən atlar və (yaxşı) yetişdirilmiş xurmalıqlardır”. (əl-Musnəd (15910). Hədis “Məcməuz-Zəvaid” kitabındadır (5/258). Müəllif hədisi qeyd etdikdən sonra demişdir: “Əhməd və ət-Təbərani rəvayət etmişlər. Raviləri etibarlıdır”. (Əhməd Şakir). Əhməd, 15883, 15939. Hədis zəifdir. Bax: Daif əl-Cami, 2926) 
Uca Allah buyurur: “Bunlar dünya həyatının keçici zövqüdür”, yəni bu qeyd olunanlar dünya həyatının keçici və fani olan bəzəkləridir, “gözəl qayıdış yeri isə Allahın yanındadır”, yəni gediləcək gözəl yer və savab Allah qatındadır.
Uca Allah buyurur: “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi?”, yəni ey Muhəmməd insanlara de ki, bu dünyada insanlara bəzədilən və mütləq yox olub gedəcək gözəlliklərdən, nemətlərdən daha xeyirli olanı sizə xəbər verimmi? Sonra Uca Allah daha xeyirli olanı açıqlayaraq buyurur: “Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları”, yəni hər tərəfindən tərkibi bal, süd, şərab, su və digər içkilərdən olan çaylar axacaqdır. Orada olan nemətləri nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir bəşər övladı təsəvvürünə gətirmişdir. “İçində əbədi qalacaqları”, yəni onlar orada əbədi, davamlı qalacaq və oranı başqa bir yerə dəyişmək istəməyəcəklər. “Pak zövcələr”, yəni dünya qadınlarında olan hər cür natəmizlikdən, heyzdən, nifasdan təmizlənmiş, tərtəmiz zövcələr “və Allahın rizası vardır”, yəni Allah onlardan razı qalacaq və heç vaxt onlara qəzəblənməyəcək. Bu səbəbdən Uca Allah “Bəraət” (“ət-Tövbə”) surəsində buyurur: “Allahın razılığı isə daha böyükdür” (“ət-Tövbə”, 72). Yəni Allahın razılığı, vermiş olduğu davamlı nemətlərdən daha böyükdür. Sonra Uca Allah buyurur: “Allah qullarını görür”, yəni hər kəsə layiq olduğu mükafatı verəcək.
 
Ali-İmran, 16-17
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ * الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
16. O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər;
17. onlar səbir edən, doğru danışan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.

 
Bu ayədə Uca Allah, əməllərinə görə bol-bol savab vəd etdiyi təqvalı qullarını vəsf edərək buyurur: “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik”, yəni Sənə, Kitabına və Peyğəmbərinə iman gətirdik, “bizim günahlarımızı bağışla”, yəni Sənə və göndərdiyin dinə iman gətirdiyimizə görə geniş lütfünlə və mərhəmətinlə günahlarımızı və əməllərimizdəki qüsurları bağışla “və bizi Od əzabından qoru!”– deyirlər”.
Sonra Uca Allah buyurur: “onlar səbir edən”, yəni ibadətləri yerinə yetirməkdə və haramları tərk etməkdə səbir edən; “doğru danışan”, yəni nəfslərinə çətin gələn əməlləri etməklə imanlarında doğru olduqlarını bildirən; “müti olan”, yəni itaət edən; “malından Allah yolunda xərcləyən”, yəni mallarından xərclənməsi əmr olunan bütün şeylərə – itaətlərə, qohum-əqrəbaya, yaxınlara və ehtiyac sahiblərinə xərcləyən “və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir”. Ayənin bu hissəsi gecənin son saatlarında Allahdan bağışlanma diləmənin fəzilətinə dəlalət edir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində, habelə “Musnəd” və “Sunən” əsərlərində çox sayda səhabədən müxtəlif yollarla rəvayət olunur ki, Peyğəmbər ﷺ demişdir: “Uca Rəbbimiz hər gecənin son üçdə birində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki, Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!” (əl-Buxari, 1077, 1145; Muslim, 1261, 1808) əl-Hafiz əd-Dəraqutni bu hədisin rəvayət olunan yolları barədə ayrıca kitab yazmışdır.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişədən (Allah ondan razı olsun) belə rəvayət olunur: “Peyğəmbər ﷺ vitr namazını gecənin hər saatında – əvvəlində, ortasında və sonunda qılardı. Ömrünün sonuna yaxın isə gecənin son üçdə birində qılardı”. (əl-Buxari, 941, 996 Muslim, 1232, 1772) Rəvayət olunur ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) gecə namazı qılar, sonra Nafiyə səslənərdi: “Ey Nafi, gecənin son üçdə biri girdimi?” Nafi: “Bəli” dedikdə, dan yeri sökülənə qədər dua edər və Allahdan bağışlanma diləyərdi”. (əz-Zuheyli “Təfsirul-Munir” 3/175) Hədisi İbn Əbu Hatim rəvayət etmişdir.
 
Ali-İmran, 18-20
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ * إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ * فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
18. Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.
19. Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.
20. Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.

 
Uca Allah bu ayədə Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etmişdir. Şahid olaraq Allah yetər, çünki O, ən doğru və ən ədalətli şahiddir, sözündə ən doğru olan da Odur. “Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi”, yəni O, bütün varlıqların tək İlahıdır. Bütün varlıqlar Onun qulları və yaratdıqlarıdır və Ona möhtacdırlar. O isə heç kəsə möhtac deyil. Necə ki bir ayədə belə buyurur: “Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir” (“ən-Nisa”, 166). Sonra Uca Allah Öz şahidliyi ilə mələklərin və elm sahiblərinin şahidliyini yanaşı tutaraq buyurur: “Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər”. Bu məqamda alimlərin qeyd olunması onlar üçün çox əzəmətli bir özəllikdir. “Allah əbədi olaraq ədalətli olmaqdadır” ayəsində قَائِماً  [qa:imən] “əbədi olaraq” sözü bu məqamda halı (tərzi-hərəkət zərfi) ifadə etdiyi üçün təsirlik haldadır. Yəni bütün hallarda Allah ədalətlidir. Ayədəki “Ondan başqa ibadətə layiq olan məbud yoxdur” cümləsi isə əvvəlki cümləni (“Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi”) gücləndirmək üçündür. “Qüdrətlidir”– heç bir böyüklük Ondan daha böyük ola bilməz; “Müdrikdir” sözlərində, etdiklərində, buyurduğu şəriət qanunlarında və təqdir etdiklərində hikmət sahibidir.
Uca Allah “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” ayəsi ilə bildirir ki, heç kəsdən Onun qatında İslamdan başqa bir din qəbul edilməyəcəkdir. İslam Allahın göndərdiyi peyğəmbərlərin Allahdan gətirdiklərinə hər zaman tabe olmaqdır. Peyğəmbərlərin göndərilməsi Muhəmməd Peyğəmbər ﷺ ilə sona çatmışdır. Beləcə, Muhəmmədin ﷺ yolundan başqa Allaha tərəf gedən digər yolların hamısı bağlanmış oldu. Muhəmmədin ﷺ göndərilməsindən sonra kim onun şəriətindən başqa bir din ilə Allahın hüzuruna gələrsə, bu o kəsdən qəbul edilməyəcək. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (“Ali-İmran”, 85). Bu ayədə isə Uca Allah “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” buyuraraq qəbul olunan dinin yalnız İslam olduğunu xəbər verir.
İbn Cərir qeyd etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) ayədə keçən أنَّهُ [ənnəhu] sözünü إِنَّهُ [innəhu] kimi, إنَّ الدِّينَ [innəd-di:nə] ifadəsini isə أَنَّ الدِّينَ [ənnəd-di:nə] kimi oxumuşdur. Yəni Allah, Onun mələkləri və elm sahibləri Allah yanında qəbul olunan dinin İslam olduğuna şahidlik etdilər. Əksər qarilər isə belə oxumamışlar. Hər iki məna doğrudur, lakin əksər alimlərin qiraəti daha üstündür. Ən doğrusunu Allah bilir. (İbn Abbasa (Allah ondan razı olsun) nisbət olunan bu qiraəti ət-Tabəri sənədi ilə rəvayət etməmişdir. Əksinə, bildirmişdir ki, bu qiraətin doğru və ya zəif olduğu məlum deyil. ət-Tabəri (6/268). (Əhməd Şakir)
Sonra Uca Allah əvvəl Kitab verilənlərin özlərinə peyğəmbərlər göndərilib, kitablar nazil edilməklə əleyhlərinə hüccət qaldırıldıqdan sonra fikir ayrılığına düşdüklərini xəbər verərək buyurur: “Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər”, yəni bir-birlərinə bəslədikləri həsəd, kin və düşmənçilik səbəbindən haqsızlıq etdilər və fikir ayrılığına düşdülər. Bəzilərinin digərlərinə olan kin və düşmənçiliyi onları qarşı tərəfin haqq olsa belə, hər söz və işinə qarşı çıxmağa sürüklədi. Sonra Uca Allah buyurur: “Kim Allahın ayələrini inkar edərsə”, yəni kim Allahın Kitabında nazil etdiyi ayələri inkar etsə, “bilsin ki, Allah tez haqq-hesab çəkəndir”. Həqiqətən, Allah buna görə onu cəzalandıracaq, ayələri yalan saydığına görə onu hesaba çəkəcək və Kitabına qarşı çıxdığına görə əzaba düçar edəcəkdir.
Uca Allah sonra belə buyurur: “Əgər onlar səninlə mübahisə edərlərsə”, yəni əgər onlar səninlə Allahı ibadətdə təkləşdirmək mövzusunda mübahisə etsələr, “de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!”, yəni onlara de: “Mən ibadətimi, tək olan Allaha edirəm. Onun şəriki, bənzəri, övladı və yoldaşı yoxdur”. Ayədə “ardımca gələnlərlə birlikdə” dedikdə, yəni “mənim dinimə tabe olanlarla və mənim dediyimi (Lə iləhə İlləllah) təsdiqləyənlərlə birlikdə” nəzərdə tutulur. Necə ki Uca Allah bu ayədə buyurur: “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm” (“Yusuf”, 108).
Sonra Uca Allah qulu və elçisi Muhəmmədə ﷺ xaçpərəstləri, yəhudiləri və savadsız müşrikləri Allahın yoluna, dininə və göndərdiyi şəriətinə daxil olmağa dəvət etməyi əmr edərək buyurur: “Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir”. Onları hesaba çəkmək isə Allaha aiddir. Onsuz da dönəcəkləri və qayıdacaqları yer Allahın hüzurudur. İstədiyini doğru yola yönəldən, istədiyini də azdıran Odur. Bunun hikməti Ona aiddir. Bu səbəbdən Uca Allah ayənin sonunda “Allah qullarını görür” buyurur. Yəni kimin hidayətə, kimin isə zəlalətə layiq olduğunu bilir. “Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar” (“əl-Ənbiya”, 23). Bütün bunlar Onun hikmətinə və rəhmətinə görə baş verir. Bu və buna bənzər ayələr Muhəmməd peyğəmbərin ﷺ bütün məxluqata göndərilməsinə ən açıq dəlillərdəndir. Necə ki bu xüsus onun gətirdiyi dində zəruri olaraq aydın görünür və buna dəlalət edən ayə və hədislər də çoxdur. Bu mənada gələn ayələrdən: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm” (“əl-Əraf”, 158); “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!” (“əl-Furqan”, 1) əl-Buxari və Muslimin “Səhih” əsərlərində və digər hədis kitablarında, müxtəlif hadisələrlə mutavatir dərəcəsinə yüksələn hədislərə görə, Peyğəmbər ﷺ Allahın əmrini yerinə yetirərək ərəb və qeyri-ərəb, Kitab əhli və cahil olmasından asılı olmayaraq, bütün hökmdarlara və tayfalara məktublar göndərmiş və onları İslama dəvət etmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Canım Əlində olan Allaha and olsun ki, bu ümmətdən hər bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndərilənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar”. (Muslim, 218, 403) Hədisi Muslim rəvayət etmişdir.
Başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Mən qara və qırmızı dərili olmasından asılı olmayaraq bütün insanlara Peyğəmbər göndərilmişəm”. (Əhməd, 14303, 14973, 19750. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1/316) Həmçinin demişdir: “Məndən əvvəl Peyğəmbər xüsusi olaraq öz qövmünə göndərilərdi. Mən isə bütün insanlara göndərilmişəm”. (əd-Dərimi, 1412. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1056) İmam Əhməd Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, yəhudi bir uşaq Peyğəmbərə ﷺ dəstəmaz (suyu) hazırlayar, ayaqqabılarını gətirərdi. Bir gün o, xəstələndi və Peyğəmbər ﷺ ona baş çəkməyə getdi. Atası onun baş tərəfində oturmuşdu. Peyğəmbər ﷺ ona dedi: “Ey filankəs, “lə iləhə iləllah“ de!” Uşaq, yanında durmuş atasının üzünə baxdı. Atası susdu. Peyğəmbər ﷺ bunu bir daha təkrarladı. Uşaq yenə atasına baxdı. Atası dedi: “Əbul-Qasıma itaət et!” Uşaq ”Şəhadət gətirirəm ki, Allahdan başqa haqq məbud yoxdur və sən Onun elçisisən” dedi və İslamı qəbul etdi. Sonra Peyğəmbər ﷺ onun yanından çıxdı və dedi: “Mənim səbəbimlə onu oddan xilas edən Allaha həmd olsun!” (əl-Buxari, 1268, 1356) Hədisi əl-Buxari rəvayət etmişdir. Peyğəmbərin ﷺ bütün insanlara göndərildiyinə dəlalət edən ayə və hədislər çoxdur.
 
Ali-İmran, 21-22
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ * أُولَئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
21. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı-acılı bir əzabla müjdələ.
22. Onların əməlləri həm bu dünyada, həm də axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır.

 
Bu ayədə Uca Allah Kitab əhlini həm əvvəllər, həm də indi peyğəmbərlər vasitəsilə onlara göndərdiyi ayələrini yalan saymaqla etdikləri günah və haram işlərə görə pisləyir. Belə etmələrinə səbəb isə peyğəmbərlərə qarşı təkəbbürlük və inadkarlıq göstərmələri, habelə haqqı qəbul etməkdən və ona tabe olmaqdan boyun qaçırmaları idi. Bununla belə, Allahın dinini onlara çatdıran peyğəmbərləri heç bir səbəb olmadan və heç bir cinayət işlətmədikləri halda, sadəcə, onları haqqa dəvət etdiklərinə görə öldürürdülər. “Ədalətə çağıran insanları öldürənləri”– bu isə təkəbbürlüyün ən son həddidir. Peyğəmbər ﷺ demişdir: “Təkəbbür haqqı danmaq və insanlara xor baxmaqdır”. (Muslim, 131, 275) Haqdan üz çevirib, insanlara qarşı təkəbbürlük etmələrinin qarşılığında Allah onları bu dünyada zillət və alçaqlıq, Axirətdə isə alçaldıcı əzabla cəzalandıracağını vəd edərək buyurur: “(Onları) ağrılı-acılı bir əzabla müjdələ”, yəni alçaldıcı bir əzabla müjdələ. “Onların əməlləri həm bu dünyada, həm də axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır”.
 
Ali-İmran, 23-25
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ * ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ * فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
23. Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar aralarında hökm versin deyə Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir.
24. Bu onların “Od bizə ancaq bir neçə gün toxunar!” demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı.
25. Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?

 
Uca Allah bu ayələrdə əllərində olan Tövrat və İncilə əsaslandıqlarını iddia edən yəhudi və xaçpərəstlərə etiraz edərək bildirir ki, onlar mühakimə olunmaq üçün Tövrat və İncildə Muhəmmədə ﷺ tabe olmaq barədə yazılmış Allahın əmrinə itaət etməyə çağırıldıqda öz kitablarından da üz çevirərək onu qəbul etmirlər. Bu onların nadanlığının ən son dərəcəsi, inadkar olmalarına və Allahın əmrlərinə qarşı çıxmalarına bir işarədir. Sonra Uca Allah buyurur: “Bu onların “Od bizə ancaq bir neçə gün toxunar!” demələrinə görədir”, yəni onları haqqa qarşı çıxmağa sürükləyən və buna cəsarətləndirən xüsus Allaha iftira ataraq dünyadakı hər min il qarşılığında bir gün olmaqla Cəhənnəmdə yalnız yeddi gün əzab çəkəcəklərini iddia etmələridir. Bunun təfsiri əl-Bəqərə surəsində artıq verilmişdir.
Sonra Uca Allah buyurur: “Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı”, yəni etdikləri günahlara görə Cəhənnəm atəşinin onlara yalnız bir neçə gün toxunacağı barədə uydurduqları və Allahın bu barədə heç bir dəlil endirmədiyi boş iddiaları onları batil dinlərində sabit saxladı. Uca Allah onların bu iddialarına təhdidlə cavab verərək buyurur: “Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?”, yəni Allaha böhtan atdıqdan, peyğəmbərləri yalan sayıb onları və özlərindən olan alimləri, yaxşılığı əmr edib pislikdən çəkindirənləri öldürdükdən sonra halları necə olacaq? Allah bunların hamısını onlardan soruşacaq, onları hesaba çəkəcək və bu əməllərinə görə cəzalandıracaq. Bu səbəbdən Uca Allah buyurur: “Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız”, yəni gələcəyinə heç bir şübhə olmayan bir gündə “və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?”
 
Ali-İmran, 26-27
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ
26. De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
27. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.

 
Uca Allah bu ayədə buyurur: “Ey Muhəmməd, Rəbbinə təzim edərək, Ona təvəkkül edərək, Ona şükür edərək, işlərini Ona həvalə edərək de ki: “Ey mülkün sahibi Allahım!”, yəni bütün mülk Sənə məxsusdur. “Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan”, yəni bəxş edən də Sənsən, geri alan da Sənsən. Sənin istədiyin baş verər, istəmədiyin isə baş verməz. Bu ayə Peyğəmbərə ﷺ və onun ümmətinə Allahın nemətlərinə şükür etməyin vacib olduğuna işarə edərək ümməti bu əmələ yönəldir. Uca Allah peyğəmbərliyi İsrail oğullarından alaraq Məkkəli, Qureyşli, yazıb-oxumağı bacarmayan, mənşəcə ərəb olan, bütün peyğəmbərlərin sonuncusu, həm də bütün insanlara və cinlərə Allahın elçisi olaraq göndərilmiş Muhəmmədə ﷺ verdiyinə görə onun ümmətini bu əmələ yönəltmişdir. Uca Allah onda özündən əvvəlki bütün peyğəmbərlərin gözəlliklərini cəm etmişdir. Uca Allah ona Özü və şəriəti barədə öyrətməklə, keçmiş və gələcək haqqında bəzi qeybi hadisələri və Axirətdə baş verəcək həqiqətləri bildirməklə, onun ümmətini bütün dünyaya yaymaqla, Qiyamətə qədər dinini digər bütün din və şəriətlərdən üstün etməklə heç bir peyğəmbərə vermədiyi xüsusiyyətləri vermişdir. Ta Qiyamətə kimi gecələr gündüzləri əvəz etdikcə ona Allahın salavatı və salamı olsun! Bu səbəbdən Uca Allah buyurur: “De: “Ey mülkün sahibi Allahım!...”, yəni yaratdıqlarının üzərində tam hakim olan və istədiyini edən Sənsən. Necə ki Uca Allah Öz işləri barəsində fikir yürüdərək “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?” (“əz-Zuxruf”, 31) deyənlərin sözünü rədd edərək buyurur: “Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir” (“əz-Zuxruf”, 32), yəni biz yaratdıqlarımızı istədiyimiz kimi idarə edirik. Buna mane olacaq və qarşısını alacaq heç bir qüvvə ola bilməz. Bu işlərin hikməti və dəlili bizə aiddir. Həmçinin peyğəmbərliyi də istədiyimizə verərik. Necə ki bu xüsusda başqa bir ayədə belə buyurur: “Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir” (“əl-Ənam”, 124). “Bax gör dünyada onların (peyğəmbərlərin) birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır” (“əl-İsra”, 21).
Uca Allah buyurur: “Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan”, yəni birinin uzunluğundan götürüb, digərinin qısalığına əlavə edirsən. Beləcə, nəhayət, onlar bərabərləşir. Sonra yenə birindən götürüb, o birinə verirsən və beləcə, onlar arasındakı bərabərlik pozulur, sonra yenə də təkrar bərabər olur. İlin fəsillərində də gecə və gündüz belə dəyişir. Bahar, yaz, payız və qış mövsümlərində bu dəyişmə eynilə davam edir.
Uca Allah buyurur: “ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan”, yəni meyvədən çəyirdək, çəyirdəkdən də meyə, toxumdan xurma, xurmadan da toxum, kafirdən mömin, mömindən də kafir, yumurtadan toyuq, toyuqdan da yumurta çıxarırsan. Bu hər şeydə beləcə cərəyan edir.
Uca Allah buyurur: “Sən istədiyin kəsə hesabsız ruzi verirsən”, yəni istədiyinə saya bilməyəcəyi və saymağa gücü çatmayacağı qədər mal-dövlət verirsən. Digərlərininkini isə hikmətinin, iradənin, istəyinin və ədalətinin tələb etdiyi şəkildə qısırsan.
 
Ali-İmran, 28
لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ وَمَنْ يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَنْ تَتَّقُوا مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَإِلَى اللَّهِ الْمَصِيرُ
28. Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.

 
Bu ayə ilə Uca Allah mömin qullarına möminləri qoyub kafirləri dost tutmağı, onlara mehribanlıq göstərib sirlərini açıb deməyi qadağan edir. Sonra Uca Allah belə edənləri təhdid edərək buyurur: “Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur”, yəni kim bu mövzuda Allahın qadağasını pozarsa, Allah ilə heç bir əlaqəsi qalmaz. Həmçinin bu ayələrdə də deyilənlərə işarə var: “Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?” (“ən-Nisa”, 144); “Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərməyin. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar” (“əl-Mumtəhənə”, 1); “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz” (“əl-Maidə”, 51). Uca Allah Quranda ərəblərdən iman gətirən mühacir və ənsarların bir-birləri ilə dostluqlarını zikr etdikdən sonra buyurur: “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər” (“əl-Ənfal”, 73).
Uca Allah buyurur: “Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır”, yəni bəzi yerlərdə və vaxtlarda onların şərindən qorxanların niyyətdə deyil, üzdə özlərini dost göstərməklə onlardan gələn təhlükədən çəkinməsi və ehtiyat etməsi istisna haldır. Necə ki əl-Buxari Əbu Dərdənin (Allah ondan razı olsun): “Biz (hicrətdən qabaq Məkkədə olarkən) bəzi kafirlərin üzlərinə gülərdik. Halbuki, qəlbimiz onları lənətləyərdi” dediyini nəql etmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Kafirin şərindən ehtiyat etmək əməldə özünü dost kimi göstərməklə olmur, ancaq dildə olur”. Əbul-Aliyə və başqaları da bunu demişlər. Onların bu sözlərini Uca Allahın bu ayəsi gücləndirir: “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır” (“ən-Nəhl”, 106). əl-Buxari əl-Həsən əl-Bəsridən rəvayət etmişdir ki: “Kafirə üzdə yaxınlıq göstərməklə onun şərindən ehtiyat etmək Qiyamətə qədər icazəlidir”. (əl-Buxari, İkrah Kitabı, 9/19)
Sonra Uca Allah buyurur: “Allah sizi Özündən çəkindirir”, yəni Allah sizi Öz əzabından, Ona qarşı çıxmaqdan, düşmənləri ilə dostluq, dostları ilə düşmənçilik edənlərə verəcəyi cəzadan çəkindirir.
Sonra Uca Allah buyurur: “Dönüş də ancaq Allahadır”, yəni son qayıdacaq yer Onun hüzurudur və O hər kəsə əməlinin qarşılığını verəcəkdir. İbn Əbu Hatim rəvayət edir ki, Amr ibn Məymun demişdir: “(Bir dəfə) Muaz ibn Cəbəl ayağa qalxdı və bizə nəsihət edərək dedi: “Ey Əvd oğulları, mən Allah Rəsulunun ﷺ sizə göndərdiyi elçiyəm. Bilirsiniz ki, son dönüş yeriniz ya Cənnət, ya da Cəhənnəm olacaq”. (İbn Əbu Hatim, 1/194; əl-Hakim, 281. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1668)
 
Ali-İmran, 29-30
قُلْ إِنْ تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ
29. De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.
30. O gün ki hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.

 
Uca Allah bu ayədə qullarına bildirir ki, gizlində və aşkarda olan, habelə qəlblərdən keçən  hər şeyi bilir və heç bir sirr Ondan gizli qalmaz. Allahın elmi bütün hallarda, hər vaxt və hər an göylərdə və yerdə nə varsa, hamısını əhatə etmişdir. Yer üzünün hər hansı bir tərəfində, dənizlərdə və ya dağlarda zərrə qədər bir şey və ya bundan daha kiçik olan heç bir şey Allaha gizli deyil və “Allah hər şeyə qadirdir”, yəni onun qüdrəti sonsuzdur.
Bu ayə ilə Uca Allah qullarına Ondan qorxmağı, qadağan etdiyi və xoşlamadığı şeyləri etməməyi buyurur, çünki Allah onların hər işindən xəbərdardır və etdikləri günahlara görə onları dərhal cəzalandırmağa qadirdir. O, qullarından bəzilərini etdikləri günahlara görə dərhal cəzalandırmır ki, onlara möhlət verib, sonra Qüvvət və Qüdrətinə layiq şəkildə əzabla yaxalasın. Bu səbəbdən Uca Allah sonrakı ayədə buyurur: “O gün ki hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır”, yəni Qiyamət günü qulun bütün əməlləri istər xeyir olsun, istər şər olsun – qarşısına gətiriləcək. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir” (“əl-Qiyəmə”, 13). O gün bəndə yaxşı əməllərini gördükdə sevinib fərəhlənəcək, pis əməllərini gördükdə isə məyus olub hirslənəcək və bu əməllərdən uzaqlaşmağı, onlarla özü arasında çox böyük məsafə olmasını arzulayacaq. Necə ki dünyada onunla birlikdə olan və pis işlərə onu təşviq edən şeytanına deyəcək: “Kaş ki mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!” (“əz-Zuxruf”, 38).
Sonra Uca Allah sözünü qüvvətləndirməklə qullarını təhdid və xəbərdar edərək buyurur: “Allah sizi Özündən çəkindirir”, yəni Allah sizi əzabı ilə qorxudur. Sonra isə qullarının Onun rəhmətindən və lütfündən ümid kəsməmələri üçün “Allah qullarına Şəfqətlidir” buyurur. əl-Həsən əl-Bəsri demişdir: “Allah qullarına olan şəfqətindən dolayı onları Özündən çəkindirir”. (İbn Əbu Hatim, 3398) Başqaları isə demişlər: “Yəni Allah yaratdıqlarına qarşı mərhəmətlidir. Onların doğru yolda, haqq dində sabit olmalarını və çox hörmətli Peyğəmbərinə ﷺ tabe olmalarını istəyir”.
 
Ali-İmran, 31-32
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ * قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
31. De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.
32. De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.

 
Bu ayə Muhəmmədin ﷺ yolunda olmadığı halda Allahı sevdiyini iddia edən hər kəsin sözlərində və əməllərində Muhəmmədin ﷺ şəriətinə və onun gətirdiyi dinə tabe olmadıqca iddiasında yalançı olduğunu bəyan edir. Necə ki “Səhih” əsərində Peyğəmbərin ﷺ belə dediyi sabitdir: “Hər kim bizim dinimizdə olmayan bir əməl edərsə, o, rədd olunur”. (əl-Buxari və Muslim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədisin mətni Muslimə aiddir (2/42). Hədis “Qırx hədis” kitabında 5-ci hədisdir. (Əhməd Şakir). Muslim, 4590, 3243) Bu səbəbdən Uca Allah “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin” buyurur. Yəni sizin Ona bəslədiyiniz sevgidən daha üstün olana – Allahın sizə olan sevgisinə nail olacaqsınız. Allahın sizi sevməsi sizin Allahı sevmənizdən daha böyükdür və daha əhəmiyyətlidir. Bəzi alimlər və müdrik insanlar demişlər: “Mühüm olan sənin sevməyin deyil, sevilməyindir”. (Tantavi “Təfsirul-Vasit” 2/82)
Sonra Uca Allah buyurur: “və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”, yəni Allahın Elçisinə ﷺ tabe olmağınızın müqabilində günahlarınızı bağışlasın. Bütün bunlar Muhəmmədin peyğəmbər göndərilməsinin bərəkətindəndir. Sonra Uca Allah xüsusi və ümumi olaraq hər kəsə əmr edərək buyurur: “De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə”, yəni əgər Peyğəmbərin ﷺ əmrinə qarşı çıxsalar, “şübhəsiz ki, Allah kafirləri sevməz”. Bu da dəlalət edir ki, Peyğəmbərin ﷺ yoluna müxalif olmaq küfrdür. Bu xüsusiyyətə malik olanlar hər nə qədər Allahı sevdiklərini və Ona yaxınlaşdıqlarını iddia etsələr də peyğəmbərlərin sonuncusu olan, yazıb-oxumağı bilməyən, Allahın bütün cinlərə və insanlara göndərmiş olduğu Elçisinə ﷺ tabe olmayana qədər Allah onları sevməyəcək. O peyğəmbər ki, nəbilər, rəsullar, hətta Ulul-Əzm (möhkəm iradə sahibləri) peyğəmbərlər (Əzmkar və möhkəm iradə sahibləri olan peyğəmbərlər Ulul-Əzm peyğəmbərlərdir. Uca Allah Muhəmməd peyğəmbərə ﷺ buyurmuşdur: “Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et!” (“əl-Əhqaf”, 35). Alimlər Ulul-Əzm peyğəmbərlərin sayının beş olduğunu söyləmişlər. Bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmmədir (Allahın onlara salavatı və salamı olsun). Onların beşinin adı birlikdə Qurani-Kərimdə iki yerdə çəkilir. Onlardan birincisi, “əl-Əhzab” surəsindədir: “Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq” (“əl-Əhzab”, 7). İkinci ayə isə “əş-Şura” surəsindədir: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər” (“əş-Şura”, 13). Onların adlarının xüsusi olaraq qeyd olunması onların xüsusi şərəf və fəzilətə layiq olduqlarını göstərir) onun zamanında gəlmiş olsaydılar, ona və gətirdiyi dinə tabe olmaqdan başqa bir yol seçməzdilər. Bunun açıqlanması irəlidə Uca Allahın “Bir zaman Allah peyğəmbərlərdən “Sizə Kitab və hikmət verdikdən sonra özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” deyə əhd almış və “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?” demişdir. Onla “Razıyıq!” demişdilər. Allah da “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” demişdir” (“Ali-İmran”, 81) ayəsinin təfsirində Allahın izni ilə gələcək.
 
Ali-İmran, 33-34
إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ * ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
33. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.
34. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah Eşidəndir, Biləndir.

 
Uca Allah bu ayədə qeyd etdiyi ailələri yer üzünün digər insanlarından üstün etdiyini xəbər verir. Uca Allah Adəmi (ona salam olsun) üstün etdi, onu Əlləri ilə yaratdı, ona ruh üfürdü, mələkləri ona səcdə etdirdi, ona hər şeyin adlarını öyrətdi və onu Cənnətə yerləşdirdi. Sonra bir hikmətdən dolayı onu Cənnətdən yer üzünə endirdi.
Uca Allah Nuhu (ona salam olsun) da üstün etdi. Allah insanların bütlərə ibadət edib, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşduqları bir vaxtda onu insanlara ilk elçi olaraq göndərdi. O, qövmünü gecə-gündüz, gizli-aşkar Allahın dininə çağırdı. Onun çağırışı qövmünün küfrünü artırmaqdan başqa bir işə yaramayınca onlara bəddua etdi. Bu səbəbdən Uca Allah onun qisasını aldı və onların hamısını son nəfərə qədər suda boğdu. Allahın ona təbliğ etməyi əmr etdiyi dinə tabe olanlardan başqa heç kim xilas ola bilmədi.
Uca Allah İbrahimin (ona salam olsun) ailəsini də üstün etdi. Bəşəriyyətin ağası, peyğəmbərlərin sonuncusu olan Muhəmməd ﷺ də bu ailədəndir.
İmranın ailəsini də üstün etdi. Burada İmran dedikdə İsanın anası Məryəmin atası olan İmran nəzərdə tutulur. İsa İbrahimin (onlara salam olsun) nəsilindəndir. Bu mövzu Allahın izni ilə “əl-Ənam” surəsində açıqlanacaqdır. Hər işimizdə Allaha pənah aparırıq.
 
Ali-İmran, 35-36
إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ * فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنْثَى وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنْثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
35. Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətkar qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.
36. Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.

 
İmranın arvadı dedikdə, Məryəmin anası nəzərdə tutulur. İbn İshaq demişdir: “O, övladı olmayan bir qadın idi. Bir dəfə övladı olmasını arzuladı və Allaha dua etdi ki, ona bir oğlan uşağı bəxş etsin. Allah onun duasını qəbul etdi. Qadın hamilə qaldığını yəqin bildikdə bətnində olanın Allaha “xidmətkar qul olmasını”, yəni ibadətə və Beytul-Məqdisin xidmətinə həsr edəcəyini nəzir etdi və belə dedi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətkar qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”, yəni duamı Eşidənsən, niyyətimi Bilənsən. O, bətnindəki uşağın oğlan, yoxsa qız olduğunu bilmirdi. “Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu”. Allah onun nə doğduğunu daha yaxşı bilirdi”. Bu ayədə وَضَعَتْ [vəda'ət] “doğduğunu” feilinin sonundakı (III şəxs qadın cinsinin təkini bildirən) ـَـتْ [ət] şəxs sonluğu, həmçinin birinci şəxsin təkini bildirən  تُ [tu] şəxs sonluğu ilə وَضَعَتُ [vəda'ətu] “doğduğumu” kimi də oxunmuşdur. Belə olan təqdirdə son cümlə Məryəmin (ona salam olsun) anasının sözünün tamamı kimi, “Allah mənim nə doğduğumu daha yaxşı bilir” mənasını verir. وَضَعَتْ [vədaət] “doğduğunu” qiraətinə görə isə “Allah onun nə doğduğunu daha yaxşı bilirdi” cümləsi Allahın sözüdür. “...axı oğlan qız kimi deyildir”, yəni ibadət və Məscidul-Aqsanın xidməti üçün güclü və dözümlü olmaqda oğlan qız kimi deyil. “Mən onun adını Məryəm qoydum”. Bu ayədə uşağa doğulduğu gün ad qoymağın icazəli olmasına dəlil var. Necə ki ayənin zahirindən belə görünür, çünki bu bizdən əvvəlkilərin şəriətidir. Ayə isə bu hökmü təsdiqlədi. Peyğəmbərdən ﷺ gələn hədislərdə də bu öz təsdiqini tapmışdır. Belə ki Peyğəmbər ﷺ demişdir: “Bu gecə bir oğlum oldu və ona atam İbrahimin adını qoydum”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Bu, Muslimin “Səhih” əsərində (2/213) Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan hədisin bir hissəsidir. Hədisi həmçinin əl-Buxari rəvayət etmişdir (3/138-140), lakin onun rəvayətində bu cümlə yoxdur. əl-Hafiz (İbn Həcər) “Fəthul-Bari” əsərində bildirmişdir ki, bu əlavə Muslimin rəvayətindədir. (Əhməd Şakir). Muslim, 4279, 6167)
Uca Allah Məryəmin (ona salam olsun) anasının belə dediyini xəbər verir:  “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”, yəni onu da, zürriyyəti olan oğlu İsanı da şeytanın şərindən Sənə sığındırıram. Allah Məryəmin (ona salam olsun) bu duasını qəbul etdi. Necə ki əl-Buxari və Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ belə demişdir: “Elə bir körpə yoxdur ki, doğularkən şeytan ona toxunmuş olmasın. Şeytanın bu toxunuşu səbəbindən uşaq qışqıraraq ağlayır. Yalnız Məryəm və oğlu belə deyildilər”. Sonra Əbu Hureyra (Allah ondan razı olsun) belə dedi: “İstəsəniz, Uca Allahın “(Mən) onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm” sözünü oxuyun”. (əl-Buxari (8/159 Fəthul-Bari), Muslim (2/224), əl-Musnəd, 7182, 7694), ət-Tabəri (6884-6892) oxşar mətnlə rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 4184, 4548)
 
Ali-İmran, 37
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنْبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
37. Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və Zəkəriyya onu himayəsinə aldı. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.

 
Rəbbimiz bu ayədə Məryəmi (ona salam olsun) anasının nəziri olaraq qəbul etdiyini xəbər verir. “Onu gözəl bir bitki kimi yetişdirdi”, yəni Məryəmi suyuşirin və gözəl görünüşlü etdi. İstəklərinin qəbul olunmasını onun üçün asanlaşdırdı. Onu əməlisaleh qulları ilə birlikdə etdi ki, onlardan xeyri, elmi və dini öyrənsin. Uca Allah buna işarə edərək “və Zəkəriyya onu himayəsinə aldı” buyurur. Uca Allahın وَكَفَلَهَا زَكَرِيَّا [və kəfələhə Zəkəriyya] “Zəkəriyya onu himayəsinə aldı” sözü digər qiraətdə وَكَفَّلَهَا زَكَرِيَّا [və kəffələhə Zəkəriyya] “və onu Zəkəriyyaya həvalə etdi” kimi də gəlmişdir. Yəni Zəkəriyyanı Məryəmə (ona salam olsun) himayəçi təyin etdi. (İkinci qiraət Yeddi mutəvatir qiraətçilərdən kufəlilərin qiraətidir. Yerdə qalan qarilər isə birinci qiraətlə oxumuşlar. Beləliklə, “Zəkəriyyə” sözü həm fail, həm də məful ola bilər. Buradan  məlum olur ki, İbn Kəsir ayəni birinci qiraətlə وَكَفَلَهَا زَكَرِيَّا [və kəfələhə Zəkəriyyə] “Zəkəriyya onu himayəsinə aldı” kimi, daha sonra ikinci qiraəti nəql etmişdir. (Əhməd Şakir)
İbn İshaq demişdir: “Məryəm yetim olduğu üçün Zəkəriyya ona zamin oldu”. Allahın Zəkəriyyanı Məryəmə (ona salam olsun) himayəçi təyin etməsi Məryəmin xoşbəxtliyi və Zəkəriyyadan çox sayda faydalı elmləri, yaxşı əməlləri öyrənib götürməsi üçün idi. Zəkəriyya İbn İshaq və İbn Cəririn qeyd etdiklərinə görə, eyni zamanda Məryəmin xalasının əri idi. Məryəmin bacısının əri olduğu da deyilir. “Səhih” əsərində gələn hədisdə deyildiyi kimi, “Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) xala uşaqlarını – Yəhyanı və İsanı gördüm”. (əl-Buxari, 3207, 3887) Ola bilsin ki, İbn İshaqın rəvayətinə görə, “xala” sözü daha geniş mənada işlənir. Bu rəvayətə görə, Məryəm (ona salam olsun) xalasının himayəsində böyümüşdür.
Sonra Uca Allah Məryəmin (ona salam olsun) ibadət məqamında ucalığına işarə edərək “Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda onun yanında ruzi olduğunu görərdi” buyurur. Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqaları belə təfsir etmişlər: “Zəkəriyya onun yanında qışda yaz meyvələri, yazda isə qış meyvələri görərdi”. Bu ayədə Allahın dostlarının (övliyaların) kəramətlərinə dəlil var və hədislərdə buna bənzər rəvayətlər çoxdur. Zəkəriyya bunları Məryəmin (ona salam olsun) yanında gördükdə “Ey Məryəm! Bu sənin üçün haradandır?” dedi. Yəni bunlar sənin üçün haradan gəlib? O da “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir” deyə cavab verdi.
 
Ali-İmran, 38-41
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ * فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَى مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ * قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ * قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
38. Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.
39. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
40. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” O dedi: “Allah beləcə istədiyini edər”.
41. O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”

 
Zəkəriyya (ona salam olsun) Uca Allahın Məryəmi yaz fəslində qış meyvələri ilə, qış fəslində isə yaz meyvələri ilə ruziləndirdiyini gördükdə bir uşağı olmasını arzuladı. Bu vaxt o, sümükləri zəifləmiş, saçları ağarmış bir qoca, zövcəsi isə yaşlı və sonsuz bir qadın idi. Bütün bunlara baxmayaraq, Zəkəriyya Rəbbinə dua edib Onu gizlicə səslədi və dedi: “Ey Rəbbim! Öz tərəfindən”, yəni Öz dərgahından “mənə pak bir nəsil bəxş et!”, yəni əməlisaleh oğlan bəxş et! “Şübhəsiz ki, Sən duaları Eşidənsən”. Uca Allah buyurur: “O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar”, yəni o, mehrabda namaz qılarkən mələklər eşidə biləcəyi bir şəkildə ona səsləndilər. Sonra Uca Allah mələklərin ona verdiyi müjdəni xəbər verərək buyurur: “Allah səni Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”, yəni Allah səni sənin belindən gələcək və adı Yəhya olacaq bir oğlan uşağı ilə müjdələyir.
Uca Allah buyurur: “Allah tərəfindən olan Kəlməni təsdiq edən”. İbn Abbas, əl-Həsən, Qatədə, İkrimə, Mucahid və başqaları bu ayənin təfsirində demişlər: “Yəni Məryəm oğlu İsanı təsdiqləyən”. (Yəni İsa (ona salam olsun) Allah tərəfindən deyilən bir kəlmə ilə yaradılmışdı. Uca Allah ona “Ol!” dedi. O da oldu. Bu mövzu Uca Allahın “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir” (“Ali-İmran”, 45) ayəsində açıqlanacaq. İbn Kəsir burada bu ayəyə işarə etmiş, lakin açıq-aydın bildirməmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “...qövmünün ağası...” Əbul-Aliyə, Qatədə, Səid ibn Cubeyr və başqaları demişlər: “Yəni hikmət sahibi”. Qatədə demişdir: “Yəni elmdə və ibadətdə qövmünün ağası”. İbn Abbas, əs-Sovri və əd-Dahhak demişlər: “Ağa hikmət sahibi və Allahdan qorxan kəsdir”. Mucahid və başqaları isə demişlər: “Allah yanında hörmətli olan deməkdir”.
Uca Allah buyurur: “...nəfsinə hakim...”. Rəvayət edilir ki, İbn Məsud, İbn Abbas, Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqaları bu ayə barədə demişlər: “Yəni qadınlara yaxınlıq etməyən”. (İbn Əbu Hatim, 3466)
Qadi İyad “Şəfa” adlı əsərində belə demişdir: “Bil ki, Uca Allahın Yəhyanı tərifləyərək onu “nəfsinə hakim” adlandırması, bəzilərinin dediyi kimi, “şəhvətdən kəsilmiş və ya cinsiyyət orqanı olmaması” demək deyil. Bu cür sözlər böyük təfsirçilər və tənqidçi alimlər tərəfindən şiddətlə rədd edilmişdir. Onlar demişlər: “Bu, bir ayıb və əskiklikdir, peyğəmbərlərə belə sözlər demək yaraşmaz. “Nəfsinə hakim” dedikdə “günah işlətməkdən məsum olan” şəxs nəzərdə tutulur. Yəni sanki şəhvətdən kəsilmiş kimi günah işlətməz”. Bu söz “Nəfsini şəhvətdən saxlayan” və “Qadınlara qarşı bir istəyi olmayan” kimi də təfsir edilmişdir. Beləliklə, aydın olur ki, bir kişinin qadınlarla yaxınlıq etməyə gücü çatmaması, əslində, bir naqislikdir. Bir insanda bu hissin olması, sonra onu boğması həmin insan üçün fəzilət sayılır. Bu ya, İsada (ona salam olsun) olduğu kimi, insanın özünün səyi ilə, ya da, Yəhyada (ona salam olsun) olduğu kimi, Allahın bu hissdən onu qoruması ilə ola bilər. Şəhvət hissinə sahib olub, bununla belə üzərinə düşəni yerinə yetirən və bu hissin onu Rəbbinə ibadət etməkdən çəkindirməyən kimsənin dərəcəsi ən yüksək dərəcədir. Bu dərəcə Peyğəmbərimizin ﷺ dərəcəsidir. Zövcələrinin çox olması onu Rəbbinə ibadətdən yayındırmadı, əksinə, onları qorumaq, onların haqlarını ödəmək, onların ehtiyaclarını yerinə yetirmək və onların hidayət olunmasına səbəb olmaq onun Rəbbinə ibadətini daha da artırdı. Peyğəmbər ﷺ açıq-aşkar bildirmişdir ki, şəhvət hissi başqaları üçün dünya ləzzətlərindən olsa da, onun üçün dünya ləzzətlərindən deyildi. Peyğəmbər ﷺ demişdir: “Sizin dünyanızdan mənə (qadınlar) sevdirildi”. (ən-Nəsəi “Sunən” 3879, 3940. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5261) Bu, Qadi İyadın dedikləridir. Onun sözünün mənası budur ki, Uca Allah ayədə Yəhyanı tərifləyərək ona “nəfsinə hakim” deməklə “qadınlara yaxınlıq etməyən” nəzərdə tutmur, əksinə, burada Qadi İyad və başqalarının dedikləri kimi, murdar əməllərdən və pisliklərdən uzaq olan nəzərdə tutulur. Onun belə adlanması evlənməsinə və övladının olmasına maneə deyildir. Hətta Zəkəriyyanın duasından Yəhyanın nəslinin olduğu başa düşülür. Belə ki Zəkəriyya duasında demişdi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et!”, yəni mənə nəsli və zürriyyəti olan bir uşaq bəxş et. Ən doğrusunu isə Pak və Uca Allah bilir.
Uca Allahın “...və əməlisalehlərdən bir peyğəmbər” sözünə gəlincə, bu, Yəhyanın doğulacağı müjdəsindən sonra onun eyni zamanda peyğəmbər olacağına işarə edən ikinci bir müjdədir. Bu müjdə birincidən daha böyükdür. Uca Allahın Musanın (ona salam olsun) anasına dediyi kimi, “Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik” (“əl-Qasas”, 7). Zəkəriyya (ona salam olsun) bu müjdəni aldıqda qoca yaşında övladının olacağından təəccüblənərək dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Mələk dedi: “Allah beləcə istədiyini edər”, yəni Allahın əmri beləcə böyükdür, heç bir şey Onu aciz qoya bilməz, heç bir iş Ona böyük və çətin gələ bilməz. Zəkəriyya (ona salam olsun) dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”, yəni, ey Rəbbim, mənim belimdən gələn uşağın olacağını anlaya bilməyim üçün mənə bir əlamət ver. “Allah dedi: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır”, yəni bütün əzaların sağlam olduğu halda danışa bilməyib, işarə ilə danışmağın sənin üçün bir əlamətdir. Başqa bir ayədə isə buyurur: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan” (“Məryəm”, 10). Sonra Uca Allah Zəkəriyyaya (ona salam olsun) bu halda ikən Allahı yad etməyi, Ona şükür etməyi və Rəbbinin şəninə təriflər deməyi çoxaltmağı əmr edərək buyurur: “Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!” Bu mövzuda daha ətraflı məlumat Allahın izni ilə “Məryəm” surəsinin əvvəlində təkrar olunacaqdır.
 
Ali-İmran, 42-44
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاءِ الْعَالَمِينَ * يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ * ذَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ
42. Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.
43. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rukuya gedənlərlə birlikdə rukuya get!”
44. Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birlərilə mübahisə etdikdə də sən onların yanında deyildin.

 
Bu ayələrdə Uca Allah mələklərin Məryəmə (ona salam olsun) müraciət edərək Allahın onlara əmr etdiyi sözləri Məryəmə çatdırmasını xəbər verir. Allah onu çox ibadət etdiyinə, zahidliyinə, iffətli olmasına, hər bir pislik və vəsvəsədən uzaq olmasına görə seçmişdir. Həmçinin onu dünya qadınlarından üstün etməklə ikinci dəfə seçmişdir. Abdur-Razzəq rəvayət edir ki, Səid ibn əl-Museyyib Uca Allahın “Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi” ayəsi barədə demişdir: “Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini nəql edərdi: “Dəvəyə minən qadınların (ərəb qadınlarının) ən xeyirlisi qureyşli qadınlardır. Onlar kiçik ikən uşaqlara çox qayğı göstərir və ərlərinin mal-dövlətini göz bəbəyi kimi qoruyurlar. İmranın qızı Məryəm isə heç vaxt dəvəyə minməmişdir”. (əl-Buxari, 4946, 5365) Rəvayət edilir ki, Əli (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Əvvəlki ümmətlərin qadınlarının ən xeyirlisi İmranın qızı Məryəmdir. Bu ümmətin qadınlarının ən xeyirlisi isə Xədicədir”. (Muslim, 4458, 6424) Hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər.
ət-Tirmizi Ənəsdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “(Ey Ənəs!) yer üzündəki qadınlardan İmranın qızı Məryəmin, Xuveylidin qızı Xədicənin, Muhəmmədin qızı Fatimənin və Fironun həyat yoldaşı Əsiyənin fəzilətini bilməyin sənə yetər”. (ət-Tirmizi, 3878, 4252. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 6181) Hədisi yalnız ət-Tirmizi rəvayət etmişdir və səhih olduğunu bildirmişdir. əl-Buxari Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kişilərdən bir çoxları kamilliyə çatmışdır. Qadınlardan isə yalnız Fironun həyat yoldaşı Əsiyə və İmranın qızı Məryəm kamilliyə çatmışdır. Aişənin digər qadınlardan üstünlüyü isə ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir”. (əl-Buxari, 3159, 3411) Hədisi Əbu Davuddan başqa yerdə qalan beş hədis kitablarının müəllifləri rəvayət etmişlər. Hədisin mətni əl-Buxariyə aiddir.
Sonra Uca Allah mələklərdən bəhs edir: Onlar Məryəmə ibadəti, itaəti, səcdə və ruku etməyi çoxaltmasını, dünya və Axirətdə dərəcəsinin yüksəlməsi üçün Allahın Öz qəza və qədəri ilə onu imtahana çəkmək istədiyi əməllərdə əzmkarlıq göstərməsini əmr etdilər. Uca Allah bununla Öz əzəmətli qüdrətini ortaya çıxaracaq, atasız bir uşaq yaradacaqdı. Uca Allah buyurur: “Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rukuya gedənlərlə birlikdə rukuya get!” Ayədə keçən الْقُنُوتُ [əl-qunu:t] sözü mütiliklə itaət etmək deməkdir. Necə ki başqa bir ayədə Uca Allah bu kəlmədən istifadə edərək buyurur: “Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir” (“əl-Bəqərə”, 116).
Uca Allah hadisəni bütün açıqlığı ilə Peyğəmbərinə ﷺ bildirdikdən sonra buyurur: “Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik”, yəni sənə danışırıq. “Bir-birləri ilə mübahisə etdikdə də sən onların yanında deyildin”, yəni, ey Muhəmməd! Bu hadisələr baş verərkən sən onların yanında olub, gözlərinlə gördüyünü onlara xəbər vermirsən. Əksinə, bunları Allah sənə xəbər verdi. Daha çox savab qazanmaq üçün Məryəmi kimin himayəyə alması barədə püşk atdıqları zaman sanki sən onların yanında idin və baş verənlərə şahid idin.
 
Ali-İmran, 45-47
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ * وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ * قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
45. O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmış kəslərdən olacaqdır.
46. O həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaq
və əməlisalehlərdən olacaqdır”.
47. Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” O (mələk) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyir, o da olur”.

 
Bu ayələrdə mələklər Məryəmi (ona salam olsun) dünyaya gətirəcəyi əzəmətli, böyük şan-şöhrətə sahib bir oğlan uşağı ilə müjdələyir. Uca Allah buyurur: “O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir”, yəni Allahın “Ol!” deməsi ilə var olacaq bir oğlan uşağı ilə müjdələyir. Əvvəlki ayənin təfsirində bildirdik ki, əksər təfsirçilərin qeyd etdikləri kimi, bu ayə Uca Allahın “Allah səni Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir” ayəsinin təfsiridir. “...adı Məryəm oğlu İsa Məsih olan”, yəni dünyada bu adla məşhur olacaq, möminlər onu bu adla tanıyacaqlar. Məsih adlandırılmasının səbəbinə dair bir çox rəylər var. Bəzi alimlər demişlər: “Çox səyahət etdiyi üçün”. Bəziləri isə demişlər: “Ayaqlarının altı düz idi, pəncəsinin ortasında çuxur yox idi”. Bəziləri isə demişlər: “Xəstə olanlara məsh çəkdikdə Allahın izni ilə sağalırdılar”.
Atası olmadığı üçün Uca Allah İsanı anasına nisbət edərək ayədə “Məryəm oğlu İsa” kimi zikr etmişdir. “O bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmış kəslərdən olacaqdır”, yəni Allahın ona şəriət vəhy etməsi, Kitab nazil etməsi və ona verdiyi bir çox başqa üstünlüklərinə görə dünyada ikən Allah qatında üstün bir dərəcəyə çatacaq və şanı uca olacaqdır. Axirətdə isə Allah qatında Onun icazə verdiyi kəslərə şəfaət edəcək və Ulul-Əzm (möhkəm iradə sahibləri) peyğəmbərlərlə birlikdə Allah onun da şəfaətini qəbul edəcəkdir. Allahın salavatı onların üzərinə olsun!
Uca Allah buyurur: “O həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaq”, yəni İsa uşaq olarkən bir möcüzə və peyğəmbərliyinin əlaməti olaraq insanları Tək və şəriki olmayan Allaha ibadətə çağıracaq, yetkinlik yaşında isə Allahın ona vəhyi ilə yenə bu çağırışa davam edəcək. “... və salehlərdən olacaqdır”, yəni İsa sözündə və əməlində salehlərdən olacaqdır. Onun elmi haqq, əməli isə salehdir. Məryəm (ona salam olsun) Allahın bu müjdəsini mələklərdən aldıqda Allaha üz tutaraq belə dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?”, yəni mənim ərim yoxdur, evlənməyi də düşünmürəm, Allah qorusun, zinakar da deyiləm, o halda necə uşağım ola bilər? Bu sualın cavabında mələk Allahın buyurduğunu ona çatdırdı: “Allah beləcə istədiyini yaradır”. Allahın əmri beləcə böyükdür. Heç bir şey Onu aciz qoya bilməz.
Məryəmin (ona salam olsun) hadisəsində mələk açıq-aşkar “Allah beləcə istədiyini yaradır” deyir, Zəkəriyyanın (ona salam olsun) hekayəsində olduğu kimi, “Allah beləcə istədiyini edər” demir. Əksinə, burada aydın olaraq “yaradır” demişdir ki, batil əqidədə olanların şübhələrinə yer qalmasın. Üstəlik dediyini “O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyir, o da olur” sözü ilə gücləndirmişdir. Yəni heç bir şey gecikməz, əmr edən kimi dərhal var olar. Necə ki bu ayədə buyurur: “Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir” (“əl-Qamər”, 50). Yəni Biz əmrimizi bir dəfə verərik, təkrar etmərik. O şey dərhal, bir göz qırpımında baş verər.
 
Ali-İmran, 48-51
وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ * وَرَسُولًا إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِ الْمَوْتَى بِإِذْنِ اللَّهِ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ * إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ
48. Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək.
49. Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.
50. Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.
51. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur".

 
Uca Allah mələklərin Məryəmə oğlu İsanın (ona salam olsun) müjdəsinin tamamı olaraq bunları söylədiklərini xəbər verərək buyurur: “Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək”. Burada “kitabı” dedikdə “yazmağı” nəzərdə tutulur, “hikmət” sözünün təfsiri isə “əl-Bəqərə” surəsində keçmişdir. (əl-Bəqərə surəsinin 129 və 151-ci ayələrində. Buna əsasən, “hikmət” dedikdə dini başa düşmək nəzərdə tutulur. (Əhməd Şakir) “Tövratı və İncili öyrədəcək” – Tövrat, Allahın İmran oğlu Musaya, İncil isə İsaya (ona salam olsun) endirdiyi kitabdır. İsa bu kitabların hər ikisini də əzbərləmişdi.
Uca Allah buyurur: “Allah onu İsrail oğullarına bir elçi edəcəkdir”, yəni Allah İsanı (ona salam olsun) İsrail oğullarına peyğəmbər olaraq göndərəcək və o onlara belə deyəcək: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar”. İsa (ona salam olsun) dediyi kimi də edərdi. Palçıqdan quş formasında bir şey düzəldərdi, sonra ona üfürərdi və o da Allahın izni ilə hər kəsin gözü qabağında uçardı. Allah bunu İsaya, onun Allah tərəfindən göndərildiyini sübut etmək üçün möcüzə olaraq vermişdi.
“Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm”. Bəzi təfsirçilər ayədə keçən الأكْمَه [əl-əkməh] sözünün gündüzlər görən, axşamlar isə görməyən adam mənasında olduğunu demişlər. Bunun əksi də deyilmişdir. Bəziləri isə الأكْمَه [əl-əkməh] sözünün anadangəlmə kor olanlara deyildiyini söyləmişlər. Bu rəy daha doğrudur, çünki anadangəlmə korun sağaldılması daha ecazkar möcüzədir və qarşı tərəfi hədələmək üçün güclü səbəbdir. Ayədə keçən الأبْرَص [əl-əbras] sözü isə hamıya məlum olan cüzam xəstəliyidir.
Uca Allah buyurur: “...və ölüləri dirildərəm”. Bir çox alimlər demişlər: “Allah hər peyğəmbəri yaşadığı dövrün insanlarına uyğun bir möcüzə ilə göndərmişdir. Məsələn: Musanın (ona salam olsun) dövründə yaşayan insanlar arasında sehr çox yayılmışdı və onlar sehrbazlara təzim edərdilər. Allah da ona elə bir möcüzə verdi ki, sehrbazlar heyrətdən donub qaldılar. Sehrbazlar bunun Əzəmətli və Qadir Allah tərəfindən bir möcüzə olduğunu dərk edincə iman gətirdilər və itaətkar kəslər oldular. İsaya gəlincə, o tibb və təbiət elmlərinin inkişaf etdiyi bir dövrdə göndərilmişdi. Ona heç kəsin edə bilməyəcəyi bir möcüzə verildi. Bunu yalnız dini göndərən Allahın qüvvətləndirdiyi kəs edə bilərdi. Hansı həkim cansız əşyaları dirildə bilərdi, anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı müalicə edə bilərdi? Kim Qiyamətədək qəbrində girov olan ölünü dirildə bilərdi?
Həmçinin Muhəmməd ﷺ də fəsahətli, bəlağətli, görkəmli şairlərin olduğu bir dövrdə göndərilmiş və onlara Allahdan bir Kitab – Quran gətirmişdi. Elə bir kitab ki, onun bənzərini və ya on surəsinin bənzərini, yaxud bir surəsinin bənzərini gətirmək üçün bütün insanlar və cinlər toplaşıb, bir-birinə kömək etsələr də, gətirə bilməzlər. Çünki Allahın kəlamı əsla yaratdıqlarının kəlamına bənzəməz.
Uca Allah buyurur: “Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm”, yəni sizdən birinin hal-hazırda evində yediyini və sabahı üçün saxladığını sizə xəbər verərəm. “Əgər möminsinizsə, şübhəsiz ki, bunda”, yəni bütün bu dediklərimdə “sizin üçün dəlil vardır”, yəni sizə gətirdiyim dinin haqq olmasına dəlillər vardır. “Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim”. Bu ifadə dəlalət edir ki, İsa (ona salam olsun) Tövratın bəzi hökmlərini ləğv etmişdir. Bu, alimlərin dedikləri iki rəydən ən doğru olanıdır. Bəzi alimlər isə demişlər: “İsa (ona salam olsun) Tövratdan heç bir şeyi ləğv etməmişdir. Sadəcə, ixtilafa düşdükləri və səhv qərar verdikləri bəzi şeyləri halal etmiş və bu məsələlərdə qaranlıq qalan şeyləri açıqlamışdır. Necə ki başqa bir ayədə belə buyurulur: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (“əz-Zuxruf”, 63). Ən doğrusunu isə Allah bilir.
Sonra demişdir: “Mən sizə Rəbbinizdən bir dəlil gətirdim”, yəni Rəbbimdən sizə söylədiklərimin doğru olduğuna dəlalət edəcək bir sübut gətirdim. “Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin!”, yəni Allaha ibadət etməkdə, Ona itaət edib əmrlərinə boyun əyməkdə sizinlə mənim aramda heç bir fərq yoxdur. Doğru yol da məhz budur. “Çünki bu, düz yoldur”.
 
Ali-İmran, 52-54
فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ * رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ * وَمَكَرُوا وَمَكَرَ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
52. İsa onlardakı küfrü hiss etdikdə dedi: "Allah yolunda kimlər mənə yardımçı olacaq?" Həvarilər dedilər: "Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik.
 Sən də şahid ol ki, biz müsəlmanlarıq!
53. Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin
elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!"
54. Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.

 
Uca Allah buyurur: “İsa onlardakı küfrü hiss etdikdə dedi”, yəni İsa onların (İsrail oğullarının) küfr etməkdə israrlı olduqlarını və davamlı zəlalət içində qalmağı seçdiklərini hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Mucahid demişdir: “Yəni Allaha tərəf getməkdə kim mənə tabe olar?” Lakin ayədən görünən budur ki, İsa (ona salam olsun) belə deməklə “İnsanları Allah yoluna dəvət etməkdə mənə yardımçı olanlar kimlərdir?” nəzərdə tutmuşdur. Necə ki Peyğəmbər ﷺ hicrətdən əvvəl həcc mövsümündə belə deyərdi: “Rəbbimin Kəlamını təbliğ etməkdə kim mənə kömək edər? Həqiqətən, Qureyş Rəbbimin Kəlamını təbliğ etməyimə mane olur”. (Əbu Davud, 4736. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1947). Nəhayət, Ənsarları (Mədinə əhalisini) tapdı. Onlar Peyğəmbəri ﷺ qorudular, ona yardım etdilər və Peyğəmbər ﷺ onların yanına hicrət etdi. Onlar da onu qara və ya qırmızı dərili olmasından asılı olmayaraq hər kəsdən qorudular. Həmçinin İsrail oğullarından bir qrup Məryəm oğlu İsanın (ona salam olsun) dəvətini qəbul edib ona iman gətirdilər, ona dəstək olub yardım etdilər və Allahın ona nazil etdiyi nura tabe oldular. Bu səbəbdən Uca Allah onlar barədə xəbər verərək buyurur: “Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”
Onların “həvari” adlanmalarına gəlincə, bəzi alimlər “Onlar paltar ağartmaqla məşğul olduqları üçün belə adlanmışlar”; digərləri “Paltarları ağ olduğu üçün belə adlanmışlar” (Bu fikirdə olan alimlər “həvari” sözünün ərəbcəحُوَّارَى  [huvvə:ra] “təbaşir” sözünə uyğun gəlməsinə əsaslanmışlar); digərləri isə “Ovçu olduqları üçün belə adlanmışlar” demişlər. Doğru olan budur ki, “həvari” sözünün mənası “köməkçi” deməkdir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində sabit olmuşdur ki, Peyğəmbər ﷺ Əhzab günü (Xəndək döyüşündə) insanlardan yardım istədikdə, əz-Zubeyr (Allah ondan razı olsun) dərhal razılıq vermişdi, sonra bir daha onlardan yardım istədikdə yenə əz-Zubeyr (Allah ondan razı olsun) yardım etmişdi. Bu səbəbdən Peyğəmbər ﷺ dedi: “Hər bir peyğəmbərin həvarisi (ən yaxın köməkçisi) olmuşdur. Mənim də həvarim əz-Zubeyrdir!” (əl-Buxari, 2634, 2846) İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Bizi də şahidlərlə bir yerdə yaz!” ayəsi barədə demişdir: “Yəni bizi Muhəmməd ümməti ilə birlikdə yaz”. Bu hədisin isnadı yaxşıdır.
Sonra Uca Allah İsrail oğullarından xəbər verərək bildirir ki, həvarilərin ona kömək etdiyi bir vaxtda yəhudilər İsanı öldürmək, ona pislik etmək və onu çarmıxa çəkmək istədilər. Bunun üçün öz dövrlərinin hökmdarına onun əleyhinə sözlər çatdırdılar. Bu hökmdar kafir idi. Onlar ona xəbər verdilər ki, burada bir nəfər insanları azdırır, onları hökmdara itaət etməkdən yayındırır, rəiyyəti parçalayır, ata ilə oğul arasına nifaq salır və sair bu kimi yalanlar uydurdular. Hətta onun zinakar bir qadının oğlu olduğunu belə söylədilər. Beləcə onlar hökmdarda İsaya (ona salam olsun) qarşı qəzəb hissi oyatdılar. Hökmdar İsanı tutub gətirmək, ona cəza vermək və çarmıxa çəkmək üçün adamlarını göndərdi. Onlar İsanın evini mühasirəyə alıb onu ələ keçirdiklərini düşündükləri bir vaxtda Uca Allah İsanı (ona salam olsun) onların aralarından çəkib xilas etdi və onu evin tavanındakı bir dəlikdən göyə qaldırdı. Allah evdə İsa ilə birlikdə olanlardan bir nəfəri İsaya bənzətdi. Onlar gecə evə girdikdə qaranlıqda o adamı İsa zənn edərək onu tutdular. Onu alçaldaraq çarmıxa çəkdilər. Başına (tac kimi) tikan qoydular. Bu, Allahın onlara qurduğu bir hiyləsi idi. Allah Peyğəmbərini onların arasından xilas etdi və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk etdi. Onlar axtardıqlarını ələ keçirdiklərini zənn edirlər. Halbuki Allah onların qəlblərinə haqqa qarşı sərtlik və inadkarlıq qoymuş, etdikləri əməllərinə görə Qiyamətə qədər onlardan ayrılmayacaq bir rəzillik vermişdir. Bu səbəbdən Uca Allah ayədə “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır” buyurur.
 
Ali-İmran, 55-58
إِذْ قَالَ اللَّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُوا وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُوا إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ * فَأَمَّا الَّذِينَ كَفَرُوا فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ * وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ * ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الْآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ
55. O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.
56. Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır”.
57. Allah iman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevmir.
58. Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.

 
Təfsir alimləri Uca Allahın: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam” ayəsinin mənasında ixtilaf etmişlər. Qatədə və başqaları demişlər: “Bu ayədə yerdəyişmə üslubu (Yerdəyişmə üslubu ərəblərin işlətdiyi bəlağət üslublarından biridir. Bu üsluba görə, əslində, əvvəldə gəlməli olan ifadə cümlənin sonunda, sonda gəlməli olan ifadə isə cümlənin əvvəlində işlənir. Bu üslubun işlənməsinin bir çox səbəbi var. Bu səbəblərdən biri də daha mühüm və diqqətə çatdırılmalı olanı önə çəkməkdir. Bu üslub Quranda da işlənmişdir. Buna misal “əl-Bəqərə” surəsinin 68 və 72-ci ayələrini misal gətirmək olar) var”. Bunu deyənlərə görə, ayənin mənası belədir: “Ey İsa! Mən səni əvvəl Özümə yüksəldib qaldıracağam, sonra isə (əcəlin çatdıqda) həyatına son qoyacağam”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam”, yəni “öldürüb Özümə tərəf qaldıracağam”. İbn İshaq demişdir: “Xristianlar Allahın İsanı yeddi saat öldürüb sonra diriltdiyini iddia edirlər”. Matar əl-Varraq demişdir: “Ayənin mənası “Sənin dünya həyatına son qoyacağam” deməkdir. Öldürməklə həyatına son qoymaq demək deyil”. (ət-Tabəri, 7134) İbn Cureyc də bu təfsiri demişdir: “Allahın İsanın həyatına son qoyması, onu qaldırmasıdır”.
Əksər mufəssirlər isə demişlər: “Burada həyatına son qoymaq dedikdə yuxuya aparmaq nəzərdə tutulur”. Necə ki Uca Allah başqa ayələrdə eyni feili “yatmaq” mənasında işlədərək buyurur: “Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur” (“əl-Ənam”, 60). Başqa bir ayədə buyurur: “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır” (“əz-Zumər”, 42). Peyğəmbər ﷺ yuxudan oyandıqda deyərdi: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır! (Transkripsiyası: Əlhəmdulillə:hil-ləzi əhyə:nə bə'də mə: əmə:tənə və ileyhin-nuşu:r!)”. (Hədisi əl-Buxari (6312) Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 5837, 6312) Uca Allah buyurur: “Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. Kitab əhlindən elə kimsə yoxdur ki, onun (İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların (onu inkar edənlərin) əleyhinə şahid olacaqdır”. (“ən-Nisa”, 156-159)
Uca Allahın “Kitab əhlindən elə kimsə yoxdur ki, onun (İsanın) ölümündən əvvəl ona iman gətirməsin” ayəsində keçən “onun ölümündən əvvəl” ifadəsindəki əvəzlik İsaya (ona salam olsun) aiddir. Yəni Kitab əhlindən elə kimsə yoxdur ki, İsanın ölümündən əvvəl ona iman gətirməsin. Qarşıda (“ən-Nisa” surəsinin təfsirində) qeyd edəcəyimiz kimi, bu hadisə İsanın (ona salam olsun) Qiyamət qopmamışdan əvvəl yer üzünə endiyi vaxt olacaq. Bu zaman bütün Kitab əhli ona iman gətirəcək. Çünki İsa (ona salam olsun) cizyəni (Cizyə müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan mal və ya can vergisidir) ləğv edəcək və İslamdan başqa heç bir din qəbul etməyəcək. (Bu məsələdə doğru olan rəy budur. ət-Tabəri də bu rəyi doğru saymış və demişdir: “Ayənin mənası belədir: “Mən sənin yer üzündəki həyatına son qoyacağam və səni Özümə tərəf qaldıracağam”. Peyğəmbərdən ﷺ bu rəyin doğru olmasını təsdiqləyən çox sayda hədislər varid olmuşdur. Bir hədisdə Peyğəmbər ﷺ demişdir: “(Qiyamətə yaxın) İsa yer üzünə nazil olub Dəccalı öldürəcək. Sonra bir müddət yer üzündə yaşayacaq”. Peyğəmbər ﷺ bu müddəti qeyd etmişdir. Bu müddətin miqdarına dair müxtəlif rəvayətlər gəlmişdir. Sonra Peyğəmbər sözünə davam edərək demişdir: “Sonra İsa vəfat edəcək və müsəlmanlar ona cənazə namazı qılıb dəfn edəcəklər”. Sonra ət-Tabəri demişdir: “Məlumdur ki, əgər Uca Allah onu bir dəfə öldürmüş olsaydı, ikinci dəfə də öldürməklə iki ölümü bir insanda cəm etməzdi”. Bax: ət-Tabəri (6/458-460 Dərul-Məarif nəşri) (Əhməd Şakir)
Uca Allah buyurur: “...səni kafirlərdən təmizləyəcək”, yəni səni səmaya qaldırmaqla kafirlərdən təmizləyəcək “və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm”. Belə də oldu. Uca Allah Məsihi (İsanı) göyə qaldırdıqdan sonra onun əshabələri müxtəlif təriqətlərə ayrıldılar. Onlardan bir qismi Allahın ona göndərdiyi dinə iman gətirib onun Allahın qulu və elçisi, Allahın köləsinin (Məryəmin) oğlu olduğuna inanarkən, bəziləri hədlərini aşaraq İsanın Allahın oğlu olduğunu söylədilər. Başqa bir qrup “O, Allahdır”, digərləri isə “O, üçlüyün üçüncüsüdür!” dedilər. Uca Allah bütün bu qrupların sözlərini Quranda nəql edərək hamısını rədd etmişdir. Xristianlar bu şəkildə təxminən üç yüz il davam etdikdən sonra, Konstantin adlı bir Yunan hökmdar çıxdı və xristian dinini qəbul etdi. Onun bir filosof olduğu və xristianlığı korlamaq məqsədilə bu dini qəbul etdiyi də deyilir. Bəziləri isə cahil olduqları üçün bu dini qəbul etdiyini demişlər. Konstantin Məsihin dinini dəyişdirib təhrif etdi, bu dinə artırmalar və azaltmalar etdi. Bu din üçün qanunlar qoydu və Böyük əmanəti (Papalığı) təyin etdi. Əslində isə bu əməl alçaq bir xainlik idi. Onun dövründə donuz əti halal edildi. İsa (ona salam olsun) üçün gündoğana tərəf namaz qılmağa başladılar, kilsələri onun şəkilləri ilə bəzədilər. Məsihin işlətdiyini zənn etdikləri bir günah səbəbi ilə orucu on gün artırdılar. Beləcə, Məsihin dini Konstantin dininə çevrildi. Bununla belə, Konstantin on iki mindən çox kilsə, monastır və ibadət yerləri tikdirdi. Öz adı ilə tanınan şəhəri qurdu (Konstantinopol). Kral ailəsindən bir toplum da ona tabe oldu. Beləliklə, xristianlar yəhudilərdən üstün oldular. Allah da onları yəhudilərə qarşı qüvvətli etdi, çünki xristianlar yəhudilərə nisbətən haqqa daha yaxın idilər. Baxmayaraq ki, onların hamısı kafirdir.
Allah Muhəmmədi ﷺ elçi olaraq göndərdikdə ona iman gətirənlər Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə həqiqi bir şəkildə iman gətirmiş oldular və bununla da yer üzündəki bütün peyğəmbərlərə tabe olmuş oldular. Belə ki onlar Adəm övladlarının ağası, peyğəmbərlərin sonuncusu, yazıb-oxumaq bilməyən Peyğəmbəri ﷺ təsdiq etmişdilər. Bu Peyğəmbər ﷺ davamçılarını bütün haqq dinləri təsdiq etməyə çağırırdı. Beləliklə, müsəlmanlar, əvvəl gələn hər bir peyğəmbərə, onların dini və yolu üzərində olduqlarını zənn edən, lakin peyğəmbərlərinin gətirdiyi dini təhrif edib dəyişdirən ümmətlərindən daha yaxındırlar.
Hətta bu qeyd olunanlar olmasa belə, Allah Muhəmməd ﷺ vasitəsilə göndərmiş olduğu haqq dinlə digər bütün peyğəmbərlərin gətirdiyi şəriətləri qüvvədən salmışdır. Bu haqq din Qiyamətə qədər dəyişdirilməyəcək və həmişə digər dinlərdən üstün olaraq qalacaqdır. Bu səbəbdən Uca Allah bu dinə tabe olanlara yer üzünün gündoğanını və günbatanını açdı, beləcə onlar bütün ölkələrə sahib oldular, bütün dövlətlər onlara təslim oldu, Xosrovu (Fars imperatorunu) və Qeysəri (Rum imperatorunu) məhv etdilər, onların xəzinələrini ələ keçirib Allah yolunda xərclədilər. Uca Allah bunları Peyğəmbərinə ﷺ xəbər verərək buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar” (“ən-Nur”, 55). Muhəmmədə ﷺ iman gətirənlər eyni zamanda haqqı ilə Məsihə (ona salam olsun) iman gətirmiş olduqları üçün Şam diyarını xristianlardan aldılar, onları Rum torpaqlarına qovdular. Onlar da şəhərləri olan Konstantinopola sığındılar. İslam və müsəlmanlar Qiyamətə qədər onlardan üstün olacaqlar. Peyğəmbər ﷺ sonda müsəlmanların mütləq Konstantinopolu fəth edəcəklərini, oranın var-dövlətini qənimət olaraq götürəcəklərini, rumları öldürəcəklərini ümmətinə xəbər vermişdir. Rumlarla müsəlmanlar arasında elə bir döyüş olacaq ki, bəşəriyyət nə bundan əvvəl, nə də sonra mislini görməmişdir. Mən bu mövzuda müstəqil bir risalə yazmışam. Bu səbəbdən Uca Allah buyurur: “...sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır”. Həqiqətən, Uca Allah Məsihi (ona salam olsun) inkar edən yəhudilərə və İsa haqqında həddi aşaraq onu ilah dərəcəsinə qaldıran xristianlara dünyada öldürülməklə, əsir edilməklə, malları əllərindən alınmaqla və sürgün olunmaqla əzab vermişdir. Onların Axirətdəki əzabları isə, əlbəttə, daha şiddətli və daha məşəqqətli olacaq. “Onları Allahdan qoruyan olmaz” (“ər-Rad”, 34); “Allah iman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir”, yəni həm dünyada, həm də Axirətdə. Dünyada qələbə və zəfər çalmaqla, Axirətdə isə Cənnətin yüksək dərəcələrinə nail olmaqla. “Allah zalımları sevmir”.
Sonra Uca Allah buyurur: “Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir”, yəni, ey Muhəmməd! İsa barədə, onun dünyaya gəlməsi və sonrakı vəziyyəti barədə bu izah etdiklərimiz Allahın sənə dediklərindən, vəhy etdiklərindən və Lövhi-Məhfuzdan endirdiklərindəndir. Bunda heç bir şəkk-şübhə yoxdur. Necə ki “Məryəm” surəsində buyurur: “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyər, o da dərhal olar” (“Məryəm”, 34-35).
 
Ali-İmran, 59-63
إِنَّ مَثَلَ عِيسَى عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَيَكُونُ * الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُنْ مِنَ الْمُمْتَرِينَ * فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ * إِنَّ هَذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَهٍ إِلَّا اللَّهُ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ * فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ
59. Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” dedi, o da oldu.
60. Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma.
61. Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
62. Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.
63. Əgər onlar üz döndərsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.

 
Uca Allah buyurur: “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir”, yəni Allahın yaratmağa qadir olması mövzusunda İsanın məsəli Adəmin məsəli kimidir. Belə ki Allah onu atasız yaratmışdı: “Adəmin məsəli kimidir”– çünki Allah Adəmi (ona salam olsun) də anasız-atasız yaratmışdır. “Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” dedi, o da oldu”. Adəmi yaradan, şübhəsiz ki, İsanı da yaratmağa qadirdir. Atasız yaradılmış olduğu üçün İsanın Allahın oğlu olduğunu iddia etmək doğrudursa, bu iddia Adəm barədə daha doğrudur. Bilindiyi kimi, belə demək yekdilliklə batildir. O halda İsanın (ona salam olsun) Allahın oğlu olduğu iddiası da batildir və bu iddianın fəsadı son dərəcə aydındır. Uca Allah Adəmi kişi və qadın olmadan, Həvvanı qadın olmadan tək kişidən, İsanı isə kişi olmadan tək qadından yaratmaqla Öz qüdrətini yaratdıqlarına göstərmək istəmişdir. Digər insanları da kişi və qadından yaratdı. Bu səbəbdən Uca Allah “Məryəm” surəsində “Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik” buyurur. Burada isə belə buyurur: “Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma”, yəni İsa barədə bu deyilənlər inkar edilməyən haqdır. Bu barədə bundan savayı doğru söz yoxdur. Haqdan sonra zəlalətdən başqa nə ola bilər?
Sonra Uca Allah Peyğəmbərinə ﷺ hər şey açıqlığı ilə ortaya çıxdıqdan sonra İsa (ona salam olsun) barədə haqqa qarşı inadkarlıq edənləri qarşılıqlı lənətləşməyə çağırmağı əmr edərək buyurur: “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq”, yəni qarşılıqlı lənətləşmədə onların hamısını gətirək, “sonra isə dua edib”, yəni lənətləşək və “yalançılara Allahın lənət etməsini diləyək”, yəni sizdən və ya bizdən yalançıların üzərinə Allahın lənətinin olmasını diləyək.
“Lənətləşmə” ayəsinin və bu ayədən əvvəlki ayələrin, yəni surənin əvvəlindən bu ayəyə qədər olan ayələrin nazilolma səbəbi Nəcran qəbiləsinin nümayəndələri olmuşdur. Bu qəbilədən olan xristianlar Peyğəmbərin ﷺ yanına gəlib İsa barədə mübahisə etməyə başladılar. Onlar İsanın Allahın oğlu və ilah olduğunu iddia edirdilər. Bu səbəbdən Uca Allah bu surənin əvvəlini onlara cavab olaraq endirdi. əl-Buxari Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etmişdir: “Bir dəfə Nəcran əhlinin böyüklərindən olan Aqib və Seyyid Peyğəmbərin ﷺ yanına gedib İsanın (ona salam olsun) peyğəmbər deyil, Allahın oğlu olduğunu sübuta yetirmək üçün əvvəlcə and içib, sonra da yalançılara lənət diləmək istədikdə onlardan biri digərinə dedi: “Belə etmə! Vallahi, əgər o peyğəmbərdirsə, bu lənətdən sonra nə biz, nə də sonrakı nəslimiz nicat tapacaq”. Sonra onlar Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Bizdən nə qədər cizyə istəsən, sənə istədiyini verəcəyik. Amma gərək bizimlə etibarlı adam göndərəsən. Bax ha, ancaq etibarlı adam olsun”. Peyğəmbər ﷺ buyurdu “Mən sizinlə, həqiqətən də, ən etibarlı olan bir adam göndərəcəyəm”. Onda Peyğəmbərin əshabələrindən hər biri bu işin ona tapşırılmasını təmənna etdi. Peyğəmbər ﷺ dedi: “Qalx, ey Əbu Ubeydə ibn əl-Cərrah!” Əbu Ubeydə ayağa qalxdıqda Peyğəmbər ﷺ buyurdu: “Bu kişi bu ümmətin ən etibarlı adamıdır”. Hədisi Muslim, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə oxşar mətnlərlə rəvayət etmişlər. (əl-Buxari (8/73-74 Fəthul-Bari), Muslim müxtəsər olaraq (2/241), həmçinin Əhməd (5/385, 398 Hələbi nəşri) müxtəsər olaraq rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 4029, 4380) Həmçinin hədisi İmam Əhməd, ən-Nəsəi və İbn Məcə İbn Məsuddan (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət etmişlər. (Hədis əl-Musnəd (3930) əsərində tam şəkildə gəlmişdir. (Əhməd Şakir) 
İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əbu Cəhl dedi: “Muhəmmədi Kəbədə namaz qılan görsəm, gəlib ayağımla boynunu tapdalayacağam”. Bu söz Peyğəmbərə ﷺ xəbər verildikdə o dedi: “Əgər belə etsəydi, mələklər onu hamının gözü qabağında parça-parça edərdilər! Əgər yəhudilər özlərinə ölüm diləsəydilər, dərhal ölərdilər və Cəhənnəmdəki yerlərini görərdilər. (Burada Uca Allahın bu ayələri nəzərdə tutulur: “De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!” Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır” (“əl-Bəqərə”, 94-95) Allahın Elçisi ilə lənətləşməyə çıxanlar bunu etsəydilər, qayıtdıqdan sonra nə mallarını, nə də ailələrini tapa bilməzdilər”. (ət-Tirmizi, 3348, 3671. Hədis səhihdir. Bax: Sahih Siratun-Nəbəviyyə, 1/144) Hədisi ət-Tirmizi rəvayət etmiş və “həsən-səhih” olduğunu bildirmişdir. (əl-Musnəd (2225, 2226). Kitabın çap olunmuş nüsxəsində əlavə olaraq hədis əl-Buxariyə nisbət olunmuşdur. Lakin əlyazmada bu əlavə yoxdur. əl-Buxari bu hədisi tam deyil, yalnız müxtəsər olaraq Əbu Cəhl ilə əlaqəli hissəni rəvayət etmişdir (8/557). Əhməd də belə rəvayət etmişdir (3483). (Əhməd Şakir)
Nəticə olaraq, Nəcran qəbiləsinin gəlişi hicrətin doqquzuncu ilində olmuşdur, çünki əz-Zuhri belə demişdir: “Peyğəmbərə ﷺ ilk cizyə verənlər Nəcran qəbiləsi olmuşdur. Cizyə ayəsi isə Məkkənin fəthindən sonra nazil olmuşdur. Cizyə ayəsi Uca Allahın bu sözüdür: “Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun!” (“ət-Tövbə”, 29). (əl-Hafiz İbn Kəsir bu ayələrin təfsirində Nəcran qəbiləsinin nümayəndələrinin Peyğəmbərin ﷺ yanına gəlməsini geniş şəkildə İbn İshaqın “Sira” əsərindən, İbn Mərdaveyhin rəvayətindən və əl-Beyhəqinin “Dələil ən-Nubuvvə” əsərindən rəvayət etmişdir. Bu barədə ətraflı bilmək istəyən bu kitaba qayıtsın (1/368-370). Həmçinin İbn Kəsirin “Tərixul-Kəbir”, “əl-Bidəyə vən-Nihayə” (5/52-56) əsərlərinə və İbn Sədin “Tabəqat” əsərinə (1/2/84-85) qayıdın. (Əhməd Şakir)
İbn Mərdəveyh əş-Şabidən rəvayət etmişdir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Nəcran qəbiləsinin böyüklərindən olan Aqıb və Tayyib adlı iki şəxs Peyğəmbərin ﷺ yanına gəldilər. Peyğəmbər onlarla İsa barədə mübahisə etdikdən sonra inadkarlıq göstərdikləri üçün onları lənətləşməyə çağırdı. Onlar da ertəsi gün lənətləşməyə razılaşdılar. Ertəsi gün Peyğəmbər ﷺ Əli, Fatimə, Həsən və Hüseynin əlindən tutaraq gəldi və gəlmələri üçün onlara xəbər göndərdi. Lakin onlar gəlmədilər və cizyə verməyi qəbul etdilər. Peyğəmbər ﷺ dedi: “Məni haqq olaraq göndərən Allaha and olsun ki, əgər “xeyr” desəydilər, bu vadi başlarına od yağdırardı”. Cabir dedi: “Uca Allahın “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” ayəsi məhz onlar üçün nazil oldu”. Cabir (sözünə davam edərək) dedi: “Ayədə “özümüzü və özünüzü” dedikdə Peyğəmbər ﷺ və Əli ibn Əbu Talib, “oğullarımızı və oğullarınızı” dedikdə Həsən və Hüseyn, “qadınlarımızı və qadınlarınızı” dedikdə Fatimə nəzərdə tutulmuşdur”. əl-Hakim də bu mənada hədis rəvayət etmiş və demişdir: “Hədis Muslimin şərtinə görə səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əl-Hakimin dediyi budur. Hədisi həmçinin Əbu Davud ət-Tayəlisi əş-Şabidən mursəl olaraq (səhabəni qeyd etmədən birbaşa Peyğəmbərdən) rəvayət etmişdir. Mursəl rəvayət olunması daha səhihdir. İbn Abbas və əl-Bəradan da buna oxşar hədislər rəvayət olunub.
Sonra Uca Allah buyurur: “Həqiqətən, bu, gerçək bir hekayətdir”, yəni ey Muhəmməd! İsa barədə bizim sənə bu bildirdiklərimiz, danılmaz və inkar edilməz bir haqdır. “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir. Əgər onlar üz döndərsələr,...”, yəni bundan üz döndərib qeyrisinə yönələrlərsə, “şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır”, yəni kim haqdan üz döndərib batilə yönələrsə, o, fitnə-fəsad törədəndir. Allah onu yaxşı tanıyır və onun layiqincə cəzasını verəcəkdir. O buna Qadirdir, heç bir şey Onun nəzərindən yayınmaz. O, pak və müqəddəsdir və Ona həmd olsun. Onun qəzəbinə düçar olmaqdan Onun Özünə sığınırıq.
 
Ali-İmran, 64
قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ
64. De: “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin! O kəlmə budur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

 
Bu xitab yəhudi və xristianlardan ibarət olan bütün Kitab əhlinə və onların yolu ilə gedənlərə yönəldilmiş ümumi bir xitabdır. ”De: “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin!” Ərəb dilində “kəlmə”, burada olduğu kimi, tam məna ifadə edən cümləyə deyilir. Sonra Uca Allah bu kəlməni vəsf edərək belə buyurur: “Bizim və sizin aranızda eyni olan”, yəni bizimlə sizin aranızda tən olan, ortaq olan kəlməyə gəlin. Biz də, siz də bu kəlmədə eyniyik. Sonra Uca Allah bu kəlməni açıqlayaraq buyurur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq”– nə bütləri, nə heykəlləri, nə xaçı, nə tağutu, (Tağut barədə əl-Bəqərə surəsinin 256-cı ayəsinə bax) nə atəşi, nə də başqa bir şeyi Allaha şərik qoşmayaq. Əksinə, tək və şəriki olmayan Allahı ibadətdə təkləşdirək. Bütün peyğəmbərlər məhz buna çağırmışlar. Uca Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!” deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25). Həmçinin buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” deyə, elçi göndərdik” (“ən-Nəhl”, 36).
Sonra Uca Allah buyurur: “...və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. İbn Cureyc demişdir: “Yəni Allaha asilik olan işlərdə bir-birimizə itaət etməyək”.
“Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”, yəni əgər onlar bu çağırışdan və aranızda eyni olan bu kəlmədən üz döndərsələr, Allahın sizin üçün din olaraq seçdiyi İslam üzərində davamiyyətli olduğunuza onları şahid tutun. əl-Buxari Əbu Sufyanın (Allah ondan razı olsun) Rum hökmdarı Qeysərin hüzuruna girməsi hadisəsini rəvayət etmişdir. Bu hadisə Hudeybiyyə sülhündən sonra, Məkkənin fəthindən əvvəl olmuşdu. Əbu Sufyan (Allah ondan razı olsun) bu hadisə barədə danışarkən demişdir: “Qeysərə Peyğəmbərin ﷺ məktubunu gətirdilər və Qeysər onu oxudu. Məktubda bunlar yazılmışdı:
“Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allahın qulu və rəsulu Muhəmməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynunda qalacaqdır. (Sənə Allahın mənə buyurduğunu deyirəm): “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni olan bir kəlməyə gəlin! O kəlmə budur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (“Ali-İmran”, 64)”. (əl-Buxari, 7)
İbn İshaq və başqaları qeyd etmişlər ki, “Ali-İmran” surəsinin əvvəlindən ta səksən neçənci ayəyə kimi olan hissəsi Nəcran qəbiləsinin nümayəndələri barədə nazil olmuşdur. əz-Zuhri demişdir: “İlk cizyə verənlər onlar olmuşlar”. Cizyə ayəsinin Məkkənin fəthindən sonra nazil olmasında heç bir fikir ayrılığı yoxdur. O halda, bu ayənin Məkkənin fəthindən əvvəl Herakla yazılan məktubda olması ilə Muhəmməd ibn İshaqın və əz-Zuhrinin qeyd etdiklərini necə cəm etmək olar? Buna müxtəlif cür cavab verilə bilər:
Birinci: Ola bilsin, bu ayə iki dəfə nazil olmuşdur. Bir dəfə Hudeybiyyə sülhündən əvvəl, bir dəfə də Məkkənin fəthindən sonra.
İkinci: Ola bilsin, “Ali-İmran” surəsinin əvvəlindən bu ayəyə qədər olan hissə Nəcran qəbiləsinin nümayəndələri barədə nazil olmuşdur. Bu ayə isə daha əvvəl nazil olmuşdur. Bununla da Əbu Sufyanın (Allah ondan razı olsun) rəvayət etdiyi hədis dəlalət edir ki, İbn İshaqın: “Səksən neçənci ayəyə qədər olan hissəsi Nəcran qəbiləsinin nümayəndələri barədə nazil olmuşdur” sözü özündən daha səhih olan rəvayətə müxalif olduğu üçün mötəbər deyil.
Üçüncü: Ola bilsin, Nəcran qəbiləsinin nümayəndələrinin gəlişi Hudeybiyyə sülhündən əvvəl olmuşdur və onların Peyğəmbərə ﷺ verdikləri cizyə deyil, lənətləşmədən imtina etdikləri üçün barışıq və hədiyyə qəbilindən olsun. Buna uyğun cizyə ayəsinin bundan sonra nazil olması mümkündür. Necə ki qənimətlərin beşdə birə və beşdə dördə bölünməsi Abdullah ibn Cəhşin (Allah ondan razı olsun) Bədr döyüşündən əvvəl etdiyinə uyğun olaraq vacib olmuşdur. Daha sonra bu hadisəyə uyğun olaraq qənimətlərin bölünməsinə dair ayə nazil oldu. (Burada Uca Allahın bu ayəsi nəzərdə tutulur: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir” (“əl-Ənfal”, 41)
Dördüncü: Ola bilsin Peyğəmbər ﷺ Herakla göndərdiyi məktubda bu ifadələrin yazılmasını əmr etdikdə bu cümlələr hələ ayə kimi nazil olmamışdı. Sonra isə Peyğəmbərin ﷺ yazdırdığına uyğun ayə nazil olmuşdur. Necə ki qadınların hicab geyinməsi, Bədr döyüşündə alınan əsirlər və münafiqlərə cənazə namazı qılınmaması barədə ayələr Ömərin (Allah ondan razı olsun) dediyinə uyğun nazil olmuşdur. Həmçinin bu ayələrin nazil olması da Ömərin (Allah ondan razı olsun) sözünə uyğun olmuşdur: “İbrahimin dayandığı yeri namazgah edin!” (“əl-Bəqərə”, 125); “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər” (“ət-Təhrim”, 5). (“əl-Bəqərə” surəsinin 125-ci ayəsinin təfsirinə bax)
 
Ali-İmran, 65-68
يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنْزِلَتِ التَّوْرَاةُ وَالْإِنْجِيلُ إِلَّا مِنْ بَعْدِهِ أَفَلَا تَعْقِلُونَ * هَا أَنْتُمْ هَؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ * مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ * إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
65. Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?
66. Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!
67. İbrahim nə yəhudi, nə də nəsrani idi. O ancaq hənif bir
müsəlman idi və müşriklərdən deyildi.
68. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır.

 
Uca Allah bu ayələrdə yəhudi və xristianların İbrahim (ona salam olsun) barədə mübahisələrini və hər ikisinin İbrahimin (ona salam olsun) onların dini üzərində olması barədə irəli sürdükləri iddialarını rədd edir. Necə ki Muhəmməd ibn İshaq rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Nəcranlı xaçpərəstlər və yəhudilərin baş keşişləri Peyğəmbərin ﷺ yanında toplaşdılar. Onlar Peyğəmbərin ﷺ hüzurunda bir-birləri ilə mübahisə etdilər. Yəhudi keşişlər xaçpərəstlərə dedilər: “İbrahim yəhudi dinində olub”. Nəcranlı xaçpərəstlər də yəhudilərə “İbrahim xaçpərəst dinində olub” dedilər. Uca Allah onların bu mübahisələrinin üstündən bu ayəni nazil etdi: “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz?...”, (əl-Beyhəqi “Dələil ən-Nubuvvə” 5/384) yəni, ey yəhudilər! İbrahimin yaşadığı dövr Tövratın Musaya nazil olmasından əvvələ təsadüf etdiyi halda onun yəhudi olmasını necə iddia edirsiniz? Bəs siz, ey xaçpərəstlər! Xaçpərəstliyin İbrahimdən əsrlər sonra ortaya çıxdığı halda onun xaçpərəst olduğunu necə iddia edə bilərsiniz? Bu səbəbdən Uca Allah “məgər anlamırsınız?” buyurur.
Sonra Uca Allah belə buyurur: “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!” Bu ayə ilə Uca Allah məlumatı olmadığı halda bir şey barədə mübahisə edənləri qınayır. Yəhudilər və xaçpərəstlər İbrahim (ona salam olsun) barədə elmsiz olduqları halda mübahisə edirdilər. Əgər onlar Muhəmmədin ﷺ peyğəmbər göndərilməsinə qədər Allahın onlara verdiyi dinlə bağlı bildikləri məsələlər barədə mübahisə etsəydilər, bu onlara daha uyğun olardı. Halbuki onlar bilmədikləri mövzularda danışırdılar. Bu səbəbdən Uca Allah bunu onlara qadağan edib, bilmədikləri mövzularda qeybi və aşkarı bilən Allaha qayıtmağı əmr etdi. Bütün işlərin həqiqətlərini aydınlığı ilə bilən Odur. Bu səbəbdən Uca Allah “Allah bilir, siz bilmirsiniz!” buyurur.
Sonra Uca Allah buyurur: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O ancaq hənif bir müsəlman idi”, yəni şirkdən üz döndərib, imana yönələn həqiqi bir müsəlman idi “və müşriklərdən deyildi”. Bu ayə daha əvvəl “əl-Bəqərə” surəsində keçən “Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif olan İbrahimin dinindəyik. O, müşriklərdən deyildi” (“əl-Bəqərə”, 135) ayəsinə bənzəyir.
Sonra Uca Allah buyurur: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır”. Uca Allah bu ayədə bildirir ki, Allahın sevimli dostu İbrahimin ardınca getməyə ən çox layiq olanlar, onun dininə tabe olanlar, bu Peyğəmbər – yəni Muhəmməd ﷺ – və ona iman gətirən mühacir və ənsarlardan ibarət olan səhabələri və onlardan sonra gələn Muhəmməd ümmətidir. Səid ibn Mənsur İbn Məsuddan (Allah ondan razı olsun)rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Hər peyğəmbərin peyğəmbərlərdən olan dostları vardır. Mənim də peyğəmbərlərdən olan dostum İbrahimdir. O həm mənim ulu babam, həm də Rəbbimin sevimli dostudur”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır”. (ət-Tirmizi, 2995, 3263. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2158) Hədisi ət-Tirmizi və əl-Bəzzər rəvayət etmişlər. Həmçinin Vəki öz təfsirində İbn Məsuddan (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət etmişdir. (Əhməd ibn Hənbəl Vəkidən rəvayət etmişdir (3800). Həmçinin ət-Tabərani (7216-7217) və əl-Hakim (2/292) rəvayət etmişlər. əl-Hakim əl-Buxari və Muslimin şərtlərinə görə səhih adlandırmış, əz-Zəhəbi də ona müvafiq olmuşdur. (Əhməd Şakir). əl-Hakim, 3151) Uca Allah buyurur: “Allah möminlərin Himayədarıdır”, yəni Allah peyğəmbərlərinə iman gətirən bütün möminlərin dostudur.
 
Ali-İmran, 69-74
وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ * يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ * يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ * وَقَالَتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ * وَلَا تُؤْمِنُوا إِلَّا لِمَنْ تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللَّهِ أَنْ يُؤْتَى أَحَدٌ مِثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِنْدَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ * يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
69. Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və bunu da hiss etmirlər.
70. Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?
71. Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?
72. Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə, onlar öz dinlərindən dönələr.
73. Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud müsəlmanlar Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
74. O Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir.

 
Uca Allah bu ayələrdə yəhudilərin müsəlmanlara həsəd apardıqlarını və onları azdırmaq istədiklərini xəbər verir. Habelə bildirir ki, onların bu etdiklərinin zərəri yenə özlərinə qayıdır və onlar tovlandıqlarını hiss etmirlər.
Sonra Uca Allah onları məzəmmət edərək buyurur: “Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?”, yəni Allahın ayələrinin haqq olduğunu yəqin bildiyiniz halda nə üçün inkar edirsiniz? “Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?”, yəni Muhəmmədin kitabınızda olan əlamətlərini çox yaxşı bildiyiniz halda onu gizlədirsiniz. “Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə, onlar öz dinlərindən dönələr”. Bu onlar tərəfindən hazırlanan bir hiylə idi. Bu yolla onlar insanlardan imanı zəif olanların dinlərinə qarma-qarışıqlıq salmaq istəmişlər. Onlar öz aralarında məşvərət edərək bu qərara gəlmişdilər ki, günün əvvəlində özlərini iman gətirmiş kimi göstərsinlər və müsəlmanlarla birlikdə Sübh namazını qılsınlar. Günün sonu çatdıqda isə yenidən öz dinlərinə dönsünlər. Beləcə, cahil insanlar desinlər: “Onlar müsəlmanların dinində bir naqislik və ya eyib gördükləri üçün dinlərinə döndülər”. Bu səbəbdən “bəlkə onlar öz dinlərindən dönələr” demişlər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Kitab əhlindən bir dəstə öz aralarında belə danışdılar: “Günün əvvəlində Muhəmmədin səhabələri ilə qarşılaşsanız, iman gətirin. Axşam olduqda isə öz ibadətinizi edin. Bəlkə, onlar “Bunlar Kitab əhlidir. Onlar bizdən daha elmlidirlər” deyərlər”. (İbn Əbu Hatim, 3686) Qatədədən də belə rəvayət olunur.
Uca Allah buyurur: “Yalnız sizin dininizin ardınca gələnlərə inanın”, yəni sizin dininizdə olanlardan başqa heç kəsə etibar edib sirrinizi verməyin. Sizdə olan elmi müsəlmanlara bildirməyin. Belə etsəniz, ola bilsin, onlar buna iman gətirərlər və sonra ondan sizə qarşı istifadə edərlər. Uca Allah onlara cavab verərək buyurur: “De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!”, yəni qulu və elçisi Muhammədə nazil etdiyi açıq-aşkar ayələr, qəti dəlillər və aydın sübutlarla möminlərin qəlblərini ən kamil imana çatdıran Allahdır. Baxmayaraq ki, siz – ey yəhudilər, daha əvvəl keçmiş peyğəmbərlərdən nəql etdiyiniz və kitabınızda Muhəmmədin mövcud olan xüsusiyyətlərini gizlədirsiniz.
Uca Allah buyurur: “...kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud müsəlmanlar Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”, yəni onlar deyirdilər: “Sizdə olan dini elmi müsəlmanlara bildirməyin. Onlar bu elmi sizdən öyrənərlər və nəticədə sizinlə elmdə eyni olarlar. Hətta bunlara daha çox iman gətirməklə sizdən də üstün olarlar. Ya da bunları Allah qatında sizin əleyhinizə dəlil olaraq istifadə edərlər. Beləcə bu elmlər həm dünyada, həm də Axirətdə əleyhinizə dəlil və hüccət olar”. Sonra Uca Allah buyurur: “De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir!”, yəni bütün işlərin idarə edilməsi Ona aiddir. Verən də, qarşısını alan da Odur. İstədiyinə iman, elm və tam bir təsəvvür gücü verərək nemətləndirər. İstədiyini də azdırar, bəsirətini bağlayar, qəlbini və qulağını möhürləyər, gözünə pərdə çəkər. Bu işdə tutarlı dəlillər və hikmət Ona aiddir. “Allah hər şeyi Əhatəedəndir, Biləndir. O Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir”, yəni, ey möminlər! Uca Allah Peyğəmbəriniz Muhəmmədi digər bütün peyğəmbərlərdən şərəfli etməklə, sizi onun sayəsində ən gözəl şəriətə yönəltməklə sizə hədsiz və vəsf oluna bilməyən lütf etmişdir.
 
Ali-İmran, 75-76
وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ * بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
75. Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar “Avamlardan ötrü bizə günah olmaz!” deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
76. Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər.

 
Uca Allah bu ayələrdə yəhudilərdə xainlik olduğunu xəbər verərək möminləri onlara aldanmaqdan çəkindirir, çünki “Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar”, yəni bundan az olanı, sözsüz ki, geri ödəyəcəkdir. “Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz”, yəni eləsi də var ki, haqqını əldə etmək üçün davamlı və israrla tələb etmədikcə onu sənə qaytarmaz. Əgər o bunu sadəcə, bir dinarda belə edirsə, bundan çoxunu sənə heç qaytarmaz.
əl-Buxarinin “Səhih” əsərində bir neçə yerdə “muəllaq” olaraq zikr etdiyi bir hədisi burada qeyd etməyimiz münasib olardı. əl-Buxari bu hədisi tam olaraq “Zaminlik” kitabında Əbu Hureyradan (Allah ondan razı olsun) zikr etmişdir.
Hədis belədir: Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “İsrail oğullarından birisi bir başqasından min dinar borc pul istədi. O da ona “Mənə şahidlər gətir ki, verdiyim borca şahidlik etsinlər” dedi. Borc istəyən dedi: “Bizim aramızda Allahın şahid olması yetər”. Kişi dedi: “Elə isə zamin gətir ki, məsuliyyəti öhdəsinə götürsün”. Borc istəyən dedi: “Allahın zamin olması yetər”. Kişi “Doğru söylədin” dedi və bu pulu ona müəyyən vaxtadək verdi. Borcu qaytarmaq vaxtı gəlib çatdıqda həmin adam dənizin sahilinə gəldi, lakin bir gəmi tapa bilmədi ki, pulu borclu olduğu adama göndərsin. Belə olduqda o, bir ağac parçası götürüb onun içini oydu. Bu oyuğun içinə min dinarı və kişiyə yazdığı məktubu qoydu. Məktub xarab olmasın deyə onu şüşə qabın içinə qoydu və dəniz kənarına gələrək Allaha belə dua etdi: “Ey Allahım! Sən bilirsən ki, mən filankəsdən müəyyən vaxtadək borca min dinar aldım. O məndən zamin gətirməyimi istədi. Mən isə ona: “Allahın zamin olması yetər” dedim. O da Səni zamin gətirməyimlə razılaşdı. O məndən şahid gətirməyimi istədi. Mən isə ona “Allahın aramızda şahid olması yetər” dedim. O da Səni şahid gətirməyimlə razılaşdı. Mən onun pulunu göndərmək üçün gəmi axtarmağa çalışdım, lakin tapa bilmədim. Mən indi bu pulu Sənə əmanət edirəm”. Kişi bunları dedikdən sonra ağac parçasını dənizə atdı. Ağac parçası dənizdə gözdən itdikdən sonra kişi qayıtdı və vətəninə yola çıxmaq üçün minik axtarmağa başladı. Bu arada borc verən adam evindən çıxıb dənizin sahilində gözləməyə başladı. O, ümid edirdi ki, bir gəmi gələr və onun pulunu gətirər. Birdən həmin ağac parçasını gördü və onu götürüb odun kimi istifadə etmək məqsədilə evinə apardı. Həmin adam odunu sındırdıqda içindən (ona çatacaq) pulları və məktubu tapdı. Bir müddət keçdikdən sonra borc alan adam gəlib çıxdı və min dinar gətirərək dedi: “Allaha and olsun ki, malını sənə çatdırmaq üçün çox vasitə axtardım, lakin bundan tez gələn minik tapa bilmədim”. Borc verən dedi: “Sən mənə bir şey göndərdinmi?” Borc alan dedi: “Dedim axı, bundan daha tez gələn bir gəmi tapmadım”. Borc verən dedi: “Həqiqətən, Allah sənin ağac parçası içində göndərdiyini mənə çatdırdı. Min dinarını götür və hörmətlə get!” əl-Buxari hədisi bu şəkildə “muəllaq” olaraq, səhihliyinə işarə etməklə rəvayət etmişdir. (əl-Buxari, 2127, 2291) Bəzi yerlərdə isə “Səhih” əsərinin əsas hədisi kimi qəbul etmişdir. Həmçinin İmam Əhməd və əl-Bəzzər oxşar hədisi Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ sözü olaraq rəvayət etmişlər. (əl-Buxari (4/385-Fəthul-Bari), əl-Musnəd (8571) sənədi bitişikdir. Həmçinin əl-Hafiz İbn Həcər “Fəthul-Bari” kitabında hədisi ən-Nəsəiyə, əl-Buxarinin “Ədəbul-Mufrad” əsərinə və İbn Hibbanın “Səhih” əsərinə nisbət etmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Bu ona görədir ki, onlar “Avamlardan ötrü bizə günah olmaz!” deyirlər”, yəni onları haqqı danmağa sürükləyən xüsus onların belə demələridir: “Dinimizə görə, avamların, yəni ərəblərin mallarını yeməkdə bizə heç bir günah yoxdur. Çünki Allah bunu bizə halal etmişdir. Uca Allah buyurur: “Bilə-bilə Allaha qarşı yalan söyləyirlər”, yəni bu sözü özlərindən uydurmuşlar, bu azğınlıqla Allaha böhtan atırlar. Halbuki Allah insanların mallarını haqsız yerə yeməyi onlara haram etmişdir. Şübhəsiz ki, onlar böhtançı bir qövmdür. Abdur-Razzəq Sa'sa'ə ibn Yəziddən rəvayət etmişdir ki, bir kişi İbn Abbasdan (Allah ondan razı olsun) soruşdu: “Biz döyüşdə zimmi kafirlərin mallarından toyuq və qoyun ələ keçiririk, bunlar bizə halaldırmı?” İbn Abbas dedi: “Yaxşı, siz buna nə deyirsiniz?” Kişi dedi: “Bu şeylərə görə bizə bir günah yoxdur” deyirik”. İbn Abbas dedi: “Sizin bu sözünüz Kitab əhlinin “Avamlardan ötrü bizə günah olmaz!” demələrinə bənzəyir. Əgər zimmilər sizə cizyə verirlərsə, onların könül xoşluqları ilə verdiklərindən başqa malları sizə halal deyil”. (ət-Tabəri (7274) Abdur-Razzəqin vasitəsilə rəvayət etmişdir. İsnadı səhihdir. Sa'sa'ə ibn Yəzid mötəbər tabiindir. əl-Buxari “əl-Kəbir” (2/2/321-322) əsərində və İbn Əbu Hatim (2/1/446) onun tərcümeyi-halını qeyd etmişlər. əl-Buxari tərcümeyi-halda adəti üzrə qısa olaraq bu hədisə işarə etmişdir. Sa'sa'ə ibn Yəzidin atasının adının Zeyd olduğu da deyilir. əl-Buxari bildirmişdir ki, doğru olan Sa'sa'ə ibn Yəzid olmasıdır. İbn Hibban “Səhih” əsərində (səh. 225) onun adını qeyd etmiş və atasının adında ixtilaf olmasını bildirməmişdir. İbn Kəsirin əlyazmasında və çap olunmuş nüsxəsində səhv olaraq Əbu Sa'sa'ə yazılmışdır. (Əhməd Şakir). ət-Tabəri, 7315).
Uca Allah buyurur: “Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa...”, yəni, ey Kitab əhli, sizdən hər kim Uca Allahın bütün peyğəmbərlərdən və onların ümmətlərindən aldığı kimi, sizdən də aldığı əhdi – Muhəmmədi ﷺ peyğəmbər olaraq göndərdiyi zaman ona iman gətirməyi – yerinə yetirsə, Allahın haram etdiklərindən çəkinsə, Ona itaət etsə və bəşəriyyətin ağası, elçilərin sonuncusu Muhəmməd ﷺ ilə göndərdiyi şəriətə (İslama) tabe olsa, “şübhəsiz ki, Allah müttəqiləri sevər”.
 
Ali-İmran, 77
إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
77. Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

 
Uca Allah bu ayədə buyurur ki, Muhəmməd peyğəmbərə ﷺ tabe olmaq, onun xüsusiyyətlərini və əlamətlərini insanlara açıqlamaq barədə Allaha verdikləri əhdlərini yalan andlara, həmçinin fani və dəyərsiz dünya malına dəyişənlər üçün “axirətdə heç bir pay yoxdur”, yəni nəsib yoxdur. “Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq”, yəni Allah Qiyamət günü onlara rəhm etməz, onlarla mülayim danışmaz, onların üzünə rəhmət gözü ilə baxmaz, “və onları təmizə çıxarmayacaqdır”, yəni onları günah və pisliklərdən təmizə çıxarmayacaqdır. Əksinə, onların Cəhənnəmə atılmalarını əmr edəcəkdir. “Onlar üçün ağrılı-acılı bir əzab vardır”. Bu ayə ilə əlaqəli bir çox hədislər varid olmuşdur. Bu hədislərdən bəzilərini qeyd edək:
Birinci hədis: İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Üç qisim insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir”. Əbu Zərr dedi: “Peyğəmbər (buna dəlalət edən) ayəni üç dəfə oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Libasının ətəyini topuqdan aşağı uzadan, yalandan and içməklə malını sırıyan və verdiyini başa qaxan kimsələrdir”.  Hədisi Muslim və “Sunən” əsərlərinin sahibləri də rəvayət etmişlər. (əl-Musnəd (5/148 Hələbi nəşri). Muslimin rəvayəti əvvəl keçmişdir. (Əhməd Şakir). Muslim, 154, 306; Əhməd, 21356, 21644).
İkinci hədis: İmam Əhməd Adiy ibn Amira əl-Kindidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Kində qəbiləsindən olan İmriul-Qeys ibn Amir adlı bir kişi ilə Hədrəmövtdan olan bir kişi torpaq ərazisinə görə Peyğəmbərin hüzurunda mübahisə etdilər. Peyğəmbər ﷺ Hədrəmövtlü kişidən dediyinə dəlil gətirməsini istədi. Kişinin isə bir dəlili yox idi. Bu zaman Peyğəmbər İmriul-Qeysdən and içməsini istədi. Hədrəmövtlü dedi: “Ey Allahın Elçisi, əgər bu adama and içməyə imkan versən, Kəbənin Rəbbinə and olsun ki, torpağım əldən gedər”. Peyğəmbər ﷺ “Kim başqasını malından məhrum etmək üçün yalandan and içərsə, Allahla qarşılaşacağı gün Allahın ona qəzəbi tutar” dedi və Uca Allahın bu ayəsini oxudu: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. İmriul-Qeys soruşdu: “Ey Allahın Elçisi, yaxşı bunu etməyənlərə nə var?” Peyğəmbər ﷺ dedi: “Cənnət”. İmriul-Qeys dedi: “Ey Allahın Elçisi, şahid ol ki, mən torpağın hamısını ona verdim”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (əl-Musnəd (4/191-192 Hələbi nəşri). Hədisin təfsilatlı təxrici ət-Tabəridə verilmişdir (7280). (Əhməd Şakir). Əhməd, 17752, 17868. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir)
Üçüncü hədis: İmam Əhməd Abdullahdan (İbn Məsuddan) (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Hər kim bir müsəlmanı malından məhrum etmək məqsədilə yalandan and içərsə, Allahın hüzuruna gələcəyi gün Allahın ona qəzəbi tutar”. (Bunu eşidən) Əşəs ibn Qeys dedi: “Vallahi, bu hadisə mənimlə bağlıdır. Belə ki mənimlə bir yəhudinin arasında torpaq məsələsində mübahisə düşdü və o, (torpağın mənə məxsus olduğunu) inkar etdi. Mən bu məsələni Peyğəmbərə ﷺ ərz etdikdə Peyğəmbər məndən “Dəlil-sübutun varmı?” deyə soruşdu. Mən “Xeyr!” deyə cavab verdim. Peyğəmbər ﷺ yəhudiyə “And iç!” deyə buyurdu. Mən dedim: “Ey Allahın Elçisi, o, (yalandan) and içib mənim malımı mənimsəyəcək”. Bu vaxt Uca Allah (bu ayəni) nazil etdi: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Musnəd (3597), əl-Buxari (5/53, 206 Həthul-Bəri), Muslim (1/39-50), ət-Tabəri (7279). (Əhməd Şakir). Əhməd, 3597. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir)
Dördüncü hədis: İbn Əbu Hatim Abdullah ibn Əbu Əufadan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə bir kişi bazara bir mal gətirdi və müsəlmanlardan birini aldatmaq üçün (guya) satdığı mala onun verdiyi puldan daha çox pul verildiyinə görə Allaha and içdi. Bu səbəbdən bu ayə nazil oldu: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq...”. Bu hədisi əl-Buxari də rəvayət etmişdir. (İbn Əbu Hatim, 3722; əl-Buxari, 1946, 2088, 4551).
Beşinci hədis: İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü üç sinif insan olacaq ki, Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir. Bunlar: yanında artıq suyu ola-ola onu yolçuya verməyən, malını satmaq üçün Əsr namazından sonra (Əsr namazından sonrakı vaxt Allah qatında günün ən fəzilətli vaxtı hesab olunduğu üçün hədisdə xüsusi olaraq qeyd edilmişdir və bu o demək deyil ki, hədisdə qeyd olunan təhdid günün digər vaxtlarında malını satmaq üçün yalandan and içənlərə aid deyil. Əsr namazından sonrakı vaxtın Allah qatında xüsusi hörməti var. Bu səbəbdən Uca Allah Quranda “əl-Əsr” surəsini nazil etmişdir və bu surədə Allah bu vaxta and içir. Uca Allahın bir şeyə and içməsi onun əzəmətini göstərir. İslamda lənətləşmə və and içmələr də məhz bu vaxtda edilir. Həmçinin bu vaxt, əməllərin Allaha yüksəldiyi və gecə mələkləri ilə gündüz mələklərinin toplaşdığı vaxtdır. Cümə günü duaların qəbul olunduğu saatın da məhz bu vaxtda olduğu deyilir) (axşam çağı) yalandan and içən və bir imama (rəhbərə) dünya mənfəəti xatirinə beyət edən (sadiqlik andı içən), imam ona dünya malından bir şey verdiyi təqdirdə əhdinə sadiq olan, vermədiyi təqdirdə isə əhdini pozan kəslərdir”. Hədisi Əbu Davud və ət-Tirmizi də rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Hədis həsən-səhihdir”. (əl-Musnəd (10231, 7435). (Əhməd Şakir). Əhməd, 10226, 10231; ət-Tirmizi, 1595, 1691. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3621)
 
Ali-İmran, 78
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُمْ بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِنْدِ اللَّهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ
78. Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar “Bu, Allah tərəfindəndir!” deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.

 
Uca Allah bu ayədə yəhudilərdən xəbər verərək bildirir ki, onların içində bir dəstə vardır ki, kəlmələrin mənalarını təhrif etməklə Allahın kəlamını dəyişdirirlər və onun əsl mənasını itirirlər. Bununla onlar cahilləri Allahın kitabının bu şəkildə olduğuna inandırmaq istəyirlər və bu dəyişdirdiklərini Allaha nisbət edirlər. Bu isə Allaha qarşı bir yalandır. Onlar yalan danışdıqlarını və böhtan atdıqlarını bilə-bilə belə edirlər. Bu səbəbdən Uca Allah “Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar” buyurur.
Mucahid, əş-Şabi və başqaları Uca Allahın “Kitabı oxuyarkən dillərini əyib bükürlər” sözünün təfsirində demişlər: “Yəni təhrif edirlər”. Vəhb ibn Munəbbih demişdir: “Tövrat və İncil Allahın onlara nazil etdiyi kimidir, bir hərfi belə dəyişməmişdir. Lakin onlar onun ayələrinin mənasını təhrif etməklə və səhv təfsir etməklə, bir də özlərindən yazdıqları kitablarla “Bu, Allah tərəfindəndir!” deyirlər. Halbuki o, Allah tərəfindən deyildir”. Allahın Kitablarına gəlincə, onlar qorunmuşdur və onlarda heç bir dəyişiklik yoxdur”. (İbn Əbu Hatim, 3735) İbn Əbu Hatim rəvayət etmişdir. Əgər Vəhb bununla onların hələ də əllərində olan kitabları nəzərdə tutursa, bunlar dəyişdirilmiş, təhrif edilmiş, əlavə və azaltmalara məruz qalmışdır. Bu kitablar ərəb dilinə tərcümə edilərkən bir çox xətalar, naqisliklər və əlavələr baş vermiş, habelə kobud səhvlərə yol verilmişdir. Bu tərcümələr ərəb dilinə tərcümə edənin təfsirindən ibarətdir və onlardan bir çoxları, bəlkə də, hamısı səhv başa düşmüşlər. Lakin əgər Vəhb Allahın dərgahında olan kitabları nəzərdə tutmuşsa, bunlar, onun qeyd etdiyi kimi, qorunmuşdur və onlar heç bir dəyişikliyə məruz qalmamışlar.
 
Ali-İmram, 79-80
مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللَّهِ وَلَكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ * وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا أَيَأْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ
79. Heç bir kəsin Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara “Allaha yox, mənə qul olun!” deməsi mümkün deyil. Əksinə, o belə deyər: “Mənasını dərk etdiyiniz və öyrəndiyiniz Kitabın sayəsində rəbbani olun!”
80. O sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?

 
Muhəmməd ibn İshaq İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Nəcran qəbiləsinin yəhudi və xaçpərəst din xadimləri Peyğəmbərin ﷺ yanında toplaşdılar və Peyğəmbər ﷺ onları İslama dəvət etdi. Bu zaman Əbu Rafi əl-Qurazi dedi: “Ey Muhəmməd, xaçpərəstlərin Məryəm oğlu İsaya ibadət etmələri kimi, sən də bizim sənə ibadət etməyimizi istəyirsən?” Nəcranlı xaçpərəstlərdən Rais adlı bir kişi “Ey Muhəmməd, bizdən bunumu istəyirsən və bizi bunamı dəvət edirsən?” deyə soruşdu və ya buna bənzər bir söz dedi. Peyğəmbər ﷺ “Allahdan başqasına ibadət etməkdən və ya Ondan başqasına ibadət etməyi əmr etməkdən Allaha sığınıram. Allah məni bunun üçün göndərməyib və mənə bunu əmr etməyib” və ya buna bənzər bir söz dedi. Uca Allah onların (Əbu Rafi və Raisin) dediklərinə cavab olaraq “Heç bir kəsin Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara “Allaha yox, mənə qul olun!” deməsi mümkün deyil” ayəsini “Məgər o sizə siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?”- sözünədək nazil etdi”. (İbn Əbu Hatim, 3756; ət-Tabəri, 7296, 7377).
Uca Allah buyurur: “Heç bir kəsin Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara “Allaha yox, mənə qul olun!” deməsi mümkün deyil”, yəni Allahın Kitab, hikmət və peyğəmbərlik verdiyi heç bir kəsin insanlara “Allahla yanaşı, mənə ibadət edin” deməsi yaraşmaz. Əgər belə etmək Allahın göndərdiyi peyğəmbərə və elçiyə yaraşmazsa, adi insanlara heç yaraşmaz. Bu səbəbdən əl-Həsən əl-Bəsri ayənin təfsirində demişdir: “Möminə yaraşmaz ki, insanlara ona ibadət etməyi əmr etsin. Kitab əhlindən bir dəstə bir-birlərinə ibadət edirdi. Onlar öz din xadimlərinə və alimlərinə ibadət edirdilər. Necə ki Uca Allah onlar barədə xəbər verərək buyurur: “Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər” (“ət-Tövbə”, 31)”. İmam Əhmədin “əl-Musnəd” və ət-Tirmizinin “Sunən” əsərlərində rəvayət olunur ki, Adiy ibn Hatim bu ayəni eşitdikdə Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, Kitab əhli onlara (elm adamlarına və rahiblərinə) ibadət etmirdilər axı?” Peyğəmbər ﷺ dedi: “Əksinə, ibadət edirdilər. Onlar Allahın haram etdiklərini halal, halal etdiklərini də haram edirdilər. İnsanlar bu şeydə onlara tabe olurdular. Elm adamlarına və rahiblərinə ibadət etmələri də məhz budur”. (Bu hədis Tövbə surəsinin 31-ci ayəsinin təfsirində gələcək. (Əhməd Şakir). ət-Tirmizi, 3095, 3378. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3293) Uca Allahın bu məzəmmətinə Kitab əhlinin rahiblərinin, din xadimlərinin və azmış firqələrin başçılarının savadsızları daxildir. Peyğəmbərlər və onlara tabe olanlar – öyrəndikləri elmə əməl edən alimlər – isə bu məzəmmətə daxil deyillər, çünki onlar Allahın buyurduqlarını və hörmətli peyğəmbərlərinin onlara təbliğ etdiklərini əmr edir, Allahın qadağan etdiklərindən və hörmətli peyğəmbərlərinin onlara təbliğ etdiyi qadağalardan çəkindirirlər. Bütün peyğəmbərlər – Allahın salavatı və salamı onların üzərinə olsun – öhdəliklərinə götürdükləri peyğəmbərliyi və əmanəti təbliğ etmək vəzifəsini yerinə yetirmək məsələsində Allahla məxluqları arasında bir elçidirlər. Onlar bu vəzifəni ən mükəmməl şəkildə yerinə yetirmiş, ümmətlərinə nəsihət etmiş və onlara haqqı çatdırmışlar.
Uca Allah buyurur “Əksinə, o belə deyər: “Mənasını dərk etdiyiniz və öyrəndiyiniz Kitabın sayəsində rəbbani olun!”, yəni, əksinə, peyğəmbərlər insanlara “Rəbbani olun!” deyərlər. İbn Abbas və başqaları demişlər: “Yəni onlar insanlara “Hikmətli, elmli və həlim xasiyyətli olun”- deyərlər”. əl-Həsən və başqaları isə demişlər: “Yəni “Şəriət əhkamlarını dərk edən fəqihlər olun” deyərlər”.
əd-Dahhək Uca Allahın “Mənasını dərk etdiyiniz və öyrəndiyiniz Kitabın sayəsində rəbbani olun!” ayəsi barəsində belə demişdir: “Quranı öyrənən eyni zamanda fəqih olmağa layiqdir. “Mənasını dərk etdiyiniz”, yəni “mənasını başa düşdüyünüz” anlamındadır. Bu söz həmçinin تُعَلِّمُونَ [tuallimu:nə] “öyrətdiyiniz” kimi də oxunmuşdur. (تُعَلِّمُونَ  [tuallimu:nə] “öyrətdiyiniz” oxunuşu İbn Amirin, Asimin və əl-Kisəinin qiraətidir. تَعْلَمُونَ [tələmu:nə] “öyrəndiyiniz” oxunuşu isə yerdə qalan yeddi qiraətçilərin və başqalarının qiraətidir. (Əhməd Şakir) “Öyrəndiyiniz Kitabın sayəsində”, yəni sözlərini əzbərlədiyiniz Kitabın sayəsində.
Sonra Uca Allah belə buyurur: “O sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz”, yəni o sizə Allahdan başqa heç kimə – nə bir peyğəmbərə, nə də Allaha yaxın olan mələklərdən birinə ibadət etməyi buyurmaz. “Məgər o sizə siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?”, yəni, əlbəttə, bunu etməz, çünki Allahdan başqasına ibadət etməyə çağıran, yəqin ki, küfrə çağırmış olur. Peyğəmbərlər isə ancaq imanı əmr edirlər. İman isə Tək və şəriki olmayan Allaha ibadət etməkdir. Necə ki Uca Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!” deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25); “Biz hər ümmətə “Allaha ibadət edin, tağutdan uzaq olun” deyə, elçi göndərdik” (“ən-Nəhl”, 36); “Səndən əvvəl göndərdiyimiz elçilərdən, onların davamçılarından soruş: “Məgər Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlar icad etmişik?” (“əz-Zuxruf”, 45). Mələklərdən xəbər verərək belə buyurur: “Onlardan kimsə “Mən Ondan başqa bir məbudam!” desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq” (“əl-Ənbiya”, 29).
 
Ali-İmran, 81-82
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا أَقْرَرْنَا قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ * فَمَنْ تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ
81. Bir zaman Allah peyğəmbərlərdən “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq iman gətirib yardım edəcəksiniz” deyə əhd almış və onlara “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?” demişdi. Onlar “İqrar etdik!” deyə cavab vermişdilər. Allah da belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.
82. Kim bundan sonra üz döndərərsə, məhz onlar fasiqlərdir.

 
Uca Allah bu ayədə xəbər verir ki, Adəmdən İsaya (ona salam olsun) qədər göndərdiyi bütün peyğəmbər-lərdən əhd almışdır ki, onlara Kitab və hikmət verməsindən və onları hansı dərəcəyə yüksəltməsindən asılı olmayaraq, özlərindən sonra bir peyğəmbər gəldiyi təqdirdə ona iman gətirməli və ona yardım etməlidirlər. Sahib olduqları elm və peyğəmbərlik dərəcəsi özlərindən sonra gələn peyğəmbərə tabe olmağa və ona iman gətirməyə mane olmamalıdır. Bu səbəbdən Uca Allah buyurur: “Bir zaman Allah peyğəmbərlərdən “Sizə Kitab və hikmət verdikdən sonra özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq iman gətirib yardım edəcəksiniz” deyə əhd almış və onlara “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?” demişdi”. İbn Abbas və Mucahid demişlər: “Yəni əhdimi qəbul etdinizmi?”
“Onlar “İqrar etdik!” deyə cavab vermişdilər. Allah da belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam. Kim bundan sonra üz döndərərsə”, yəni kim bu əhdi pozarsa, “məhz onlar fasiqlərdir”. Əli ibn Əbu Talib və əmisi oğlu Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişlər: “Uca Allah göndərdiyi hər bir peyğəmbərdən əhd almışdır ki, onlar həyatda ikən Muhəmməd peyğəmbər ﷺ gələrsə, ona iman gətirməli və ona yardım etməlidirlər. Həmçinin hər bir peyğəmbərə buyurmuşdur ki, onlar da öz ümmətlərindən “Həyatda olduğunuz zaman Muhəmməd peyğəmbər ﷺ gələrsə, ona iman gətirib, yardım edəcəksiniz”- deyə əhd alsınlar”.
Tavus, əl-Həsən əl-Bəsri və Qatədə demişlər: “Allah peyğəmbərlərdən bir-birlərini təsdiq edəcəklərinə dair əhd almışdır”. Bu söz Əli və İbn Abbasın (Allah onlardan razı olsun) dediklərinə zidd deyil və onu inkar etmir. Əksinə, bu iki söz bir-birini tamamlayır. Allahın Elçisi Muhəmməd ﷺ peyğəmbərlərin sonuncusudur. Allahın salavatı və salamı Qiyamətə qədər daim onun üzərinə olsun! O ən böyük rəhbərdir. Hansı əsrdə olursa olsun, bütün digər peyğəmbərlərdən əvvəl ona itaət etmək vacib olardı. Məhz bu səbəbdən Merac gecəsi peyğəmbərlər Beytul-Məqdisdə toplandıqda Muhəmməd peyğəmbər ﷺ onlara imam olmuşdur. Həmçinin məhşər günü Uca Allah qulları arasında hökm vermək üçün gəldikdə o, şəfaətçi olacaq. Yalnız onun layiq olduğu Məqamul-Məhmud (tərifəlayiq məqam) da məhz budur. Bu elə bir məqamdır ki, Ulul-Əzm (möhkəm iradə sahibləri) peyğəmbərlər ondan geri çəkiləcəklər, sonunda növbə gəlib ona çatacaq və yalnız o bu məqama layiq olacaq.
 
Ali-İmran, 83-85
أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ * قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ * وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
83. Yoxsa onlar Allahın dinindən başqasınımı axtarırlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.
84. De: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”
85. Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.

 
Uca Allah bu ayələrdə Allahın dinindən başqa bir din istəyənləri məzəmmət etmişdir. O din ki, Allah kitablarını onunla endirmiş, peyğəmbərlərini onunla göndərmişdir. O din Tək Allaha ibadət edib, heç nəyi Ona şərik qoşmamaqdır. “Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar”, yəni göylərdə və yerdə nə varsa, hamısı istər-istəməz Ona təslim olmuşdur. Necə ki başqa bir ayədə belə buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (“ər-Rad”, 15). Həmçinin buyurur: “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir. Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər” (“ən-Nəhl”, 48-50). Mömin şəxs könüllü surətdə qəlbən və cismən Allaha təslim olmuşdur. Kafir isə məcburi şəkildə Allaha təslim olmuşdur, çünki o da Allahın idarəçiliyi, mütləq hakimiyyəti və əzəmətli hökmü altındadır. Heç kəsin bu hökmə qarşı çıxması və etiraz etməsi mümkün deyil. “Ona da qaytarılacaqlar”, yəni Qiyamət günü hamı Allaha qaytarılacaq və O da hamının əməlinin qarşılığını verəcək.
Sonra Uca Allah buyurur: “De: “Biz Allaha, bizə nazil olana”, yəni Qurana, “İbrahimə, İsmailə, İshaqa, Yaquba” nazil olan səhifələrə və vəhyə “və onun nəslinə”, Yaqubun nəsli onun oğullarından törəyən on iki qəbilədir, “Musaya, İsaya”, yəni Musaya verilən Tövrata və İsaya (onlara salam olsun) verilən İncilə “və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik”. Bu ifadə bütün peyğəmbərləri şamil edir. “Biz onların heç birini digərindən fərqləndirmirik”, yəni, əksinə, onların hamısına iman gətirmişik. “Biz yalnız Ona təslim olanlarıq!” Bu ümmətin möminləri göndərilən hər bir peyğəmbərə, endirilən hər bir kitaba iman gətirmişlər, onlardan heç birini inkar etməzlər, əksinə, onlar Allah qatından nazil edilən hər kitabı, Allahın göndərdiyi hər peyğəmbəri təsdiqləyirlər.
Sonra Uca Allah belə buyurur: “Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz”, yəni kim Allahın qoymuş olduğu yoldan başqa bir yol tutarsa, bu ondan əsla qəbul olunmaz “və o, axirətdə ziyana uğrayanlardan olar”. Necə ki səhih bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Hər kim bizim dinimizdə olmayan bir əməl edərsə, o, rədd olunar”. (əl-Buxari və Muslim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədisin mətni Muslimə aiddir (2/42). Hədis “Qırx hədis” kitabında 5-ci hədisdir. əl-Buxari 2499, 2697; Muslim, 1718) İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Qiyamət günü əməllər sahibi üçün şəfaətçi olmağa gələcək. Namaz gəlib deyəcək: “Ey Rəbbim, mən namazam, sahibim üçün şəfaətçi olmağa gəlmişəm”. Uca Allah deyəcək: “Sən xeyirli əməlsən”. Sədəqə gəlib deyəcək: “Ey Rəbbim, mən sədəqəyəm, sahibim üçün şəfaətçi olmağa gəlmişəm”. Uca Allah deyəcək: “Sən xeyirli əməlsən”. Sonra oruc gələcək və deyəcək: “Ey Rəbbim, mən orucam, sahibim üçün şəfaətçi olmağa gəlmişəm”. Uca Allah deyəcək: “Sən xeyirli əməlsən”. Beləcə bütün əməllər sahibi üçün şəfaətçi olmağa gələcək və Uca Allah onların hamısına “Sən xeyirli əməlsən” deyəcək. Sonda İslam gələcək və deyəcək: “Ey Rəbbim, Salam (bütün nöqsanlardan və eyiblərdən uzaq) Sənsən, mən də İslamam, sahibim üçün şəfaətçi olmağa gəlmişəm”. Uca Allah deyəcək: “Sən xeyirli əməlsən. Bu gün sənə görə əməlləri qəbul edəcəyəm və sənə görə mükafat verəcəyəm”. Bunun təsdiqi Uca Allahın Kitabındadır. Uca Allah buyurur: “Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar”. Hədisi yalnız Əhməd ibn Hənbəl rəvayət etmişdir. (əl-Musnəd (8727), əz-Zəvaid (1/345) (Əhməd Şakir). Əhməd, 8742. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 5780)
 
Ali-İmran, 86-89
كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ * أُولَئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ * خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ * إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
86. İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.
87. Onların cəzası, həqiqətən də, Allahın, mələklərin və bütün
insanların lənətinə uğramaqdır.
88. Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.
89. Bundan sonra tövbə edib əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

 
İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, ənsarlardan bir kişi İslamı qəbul etmiş, sonra dindən çıxaraq Allaha şərik qoşmağa başlamışdı. Lakin sonra etdiklərinə peşman olaraq qövmünə bu xəbəri göndərmişdi: “Mənim barəmdə Peyğəmbərdən ﷺ soruşun: “Mənim tövbəm qəbul olarmı?” Bu səbəbdən Uca Allahın “İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?” ayəsindən “Bundan sonra tövbə edib əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir” ayəsinə qədər nazil oldu. Qövmü bu xəbəri ona çatdırdı və o, yenidən İslamı qəbul etdi”. Hədisi ən-Nəsəi, İbn Hibban və əl-Hakim rəvayət etmişlər. əl-Hakim demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (ət-Tabəri 7360, 7401; əl-Hakim, 2628, 8092; İbn Hibban, 4477. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3066)
Uca Allah buyurur: “İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?”, yəni Peyğəmbərin ﷺ onlara gətirdiklərinin doğruluğuna dair dəlillər ortaya qoyulduqdan və Allahın dini onlara açıqlandıqdan sonra şirkin zülmətlərinə dönərək doğru yolu korluqla qarışdıranlar yenidən hidayət olunmağa necə layiq ola bilərlər? Bu səbəbdən Uca Allah ayənin sonunda “Allah zalım adamları doğru yola yönəltməz” buyurur. Sonra buyurur: “Onların cəzası, həqiqətən də, Allahın, mələklərin və bütün insanların lənətinə uğramaqdır”, yəni Allah və Onun yaratdığı məxluqlar onları lənətləyəcək. “Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləş-dirilməz və onlara möhlət də verilməz”, yəni onların əzabı bir an belə azalmaz və yüngülləşdirilməz.
Sonra Uca Allah buyurur: “Bundan sonra tövbə edib əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”. Bu, Allahın yaratdıqlarına olan lütfü, yaxşılığı və rəhmətindəndir ki, Ona tövbə edənin tövbəsini qəbul edər.
 
Ali-İmran, 90-91
إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَنْ تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَئِكَ هُمُ الضَّالُّونَ * إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ مِلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُولَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
90. Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır.
91. Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcək. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur.

 
Uca Allah bu ayələrdə iman gətirdikdən sonra kafir olan, sonra küfrlərini daha da artıran, yəni ölənə qədər kafir olaraq qalan kəsləri hədələyərək onların ölüm ayağında etdikləri tövbələrini qəbul etməyəcəyini xəbər verir. Necə ki Allah bu ayədə buyurur: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman “Mən indi tövbə etdim!” deyənlərlə kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq” (“ən-Nisa”, 18). Bu səbəbdən burada buyurur ki, onların “...tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır”, yəni onlar haqq yoldan çıxıb azğınlıq yoluna düşmüşlər. Əbu Bəkr əl-Bəzzər İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, İslam dinini qəbul etmiş bəzi adamlar dindən döndülər. Sonra yenidən İslam dininə qayıtdılar və təkrar dindən döndülər. Sonra yenidən İslama qayıtmaq üçün tayfalarına xəbər göndərərək öz halları barədə soruşdular. Onlar bu haqda Peyğəmbərdən ﷺ soruşduqda Uca Allah bu ayəni nazil etdi: “Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır”. (“Ali-İmran”, 90)”. Hədisin isnadı qüvvətlidir. (əs-Suyuti “Durrul-Mənsur” 3/658. Hədis səhihdir. Bax: Muqbil ibn Hadi “Səhih Musnəd” səh. 53)
Sonra Uca Allah buyurur “Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcək”, yəni kafir kimi öləndən heç vaxt, hətta Allaha yaxınlaşmaq üçün dünya dolusu qızıl sərf etmiş olsa belə, xeyir əməl qəbul edilməz. Necə ki Peyğəmbərdən ﷺ Abdullah ibn Cud'anın cahiliyyə dövründə qonaqlara ehtiram etməsi, əsirləri azad etməsi və kasıblara yemək yedirtməsi barədə soruşdular: “Bu ona fayda verəcəkmi?” Peyğəmbər ﷺ buyurdu: “(Bu) ona fayda verməyəcək, çünki o heç vaxt “Ey Rəbbim! Din (Qiyamət) günü mənim ətalarımı bağışla!” (Transkripsiyası: Rabbi-ğfirli xati:əti yəuməddi:n!) deməmişdir”. (Muslim, 315, 540).
Həmçinin əgər dünya dolusu qızıl fidyə versə belə, ondan qəbul edilməyəcəkdir. Necə ki Uca Allah bu ayələrdə bunu bildirmişdir: “O vaxt heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şəfaət fayda verməyəcək” (“əl-Bəqərə”, 123); “İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər” (“İbrahim”, 31); “Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də kafirlərin olsa və onlar bunu Qiyamət gününün əzabından qurtulmaq üçün fidyə versələr, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır” (“əl-Maidə”, 36). Burada isə belə buyurur: “Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcək”, yəni onu heç bir şey, hətta dünya qədər qızıl vermiş olsa belə, Allahın əzabından qurtara bilməz. Canını əzabdan qurtarmaq üçün dünyanın dağları, təpələri, qumları, düzənlikləri, vadiləri, quruları və dənizləri qədər qızılı fidyə vermiş olsa belə, bu ondan əsla qəbul edilməz.
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü Allah Cəhənnəm əhlindən olan bir kimsəyə deyəcək: “Əgər dünyada olan hər şey sənin olsaydı, onu əzabdan xilas olmağın üçün fidyə verərdinmi?” O “Bəli!” deyə cavab verəcək. Onda Allah buyuracaq: “Sən hələ Adəmin belində ikən Mən səndən bundan daha yüngül olanı – Mənə şərik qoşmamağı tələb etmişdim. Sən isə imtina etdin və məhz şərik qoşmağı seçdin”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Buxari, 3156, 3334, 6538; Muslim, 5018, 7261; Əhməd, 123112, 12333. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir)
Bu səbəbdən Uca Allah ayənin sonunda belə buyurur: “Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur”, yəni onları Allahın üzücü əzabından qurtaracaq bir kəs tapılmaz.
 
Ali-İmran, 92
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
92. Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmazsınız. Malınızdan nə xərcləsəniz, əlbəttə ki, Allah onu bilir.

 
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edir ki, Mədinədə ənsarlar arasında ən çox xurma ağacı olan (səhabə) Əbu Talhə idi. Bunlardan onun ən çox sevdiyi məscidin qarşı tərəfində yerləşən Beyruhə bağı idi. Peyğəmbər ﷺ tez-tez o bağa gəlib, oradakı dadlı sudan içərdi. (Nəhayət:) “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız...” ayəsi nazil olduqdan sonra Əbu Talhə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız...”. Mənim də ən çox sevdiyim mal Beyruhə bağıdır. Mən onu Allah yolunda sədəqə verirəm və ümid edirəm ki, Allah yanında bundan da xeyirlisini – Axirət mükafatını tapacağam. Götür onu, Allahın sənə məsləhət gördüyü işlərə sərf et, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Çox gözəl! Bu mal qazanc gətirəcək, mütləq qazanc gətirəcək! Sənin dediyini eşitdim, lakin məsləhət görürəm ki, bunu öz qohum-əqrəbana sərf edəsən”. Əbu Talhə “Belə də edərəm, ey Allahın Elçisi!” dedi, sonra da onu qohum-əqrəbasının və əmisi oğullarının arasında paylaşdırdı”. Bu hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Buxari, 1358, 1461).
Yenə əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Ömər (Allah ondan razı olsun) demişdir: “Ey Allahın Elçisi, Xeybər döyüşündə əldə etdiyim qənimətdən payıma düşən hissədən daha dəyərli malım yoxdur. Onu Allah yolunda sədəqə vermək istəyirəm. Nə əmr edərdin?” Peyğəmbər ﷺ dedi: “Əslini (Söhbət xurma ağaclarını vəqf etməkdən gedir) sədəqə ver ki, nə satılsın, nə hədiyyə verilsin, nə də miras qalsın. Ancaq meyvəsi paylanılsın”. (əl-Buxari, 2558, 2764)
 
Ali-İmran, 93-95
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ * فَمَنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَلِكَ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ * قُلْ صَدَقَ اللَّهُ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
93. Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yaqubun) özünə haram etdiklərindən savayı, bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”
94. Artıq kim bundan sonra Allaha qarşı yalan uydurarsa, məhz onlar zalımlardır.
95. De: “Allah doğru söyləmişdir. Elə isə İbrahimin hənif dininə tabe olun. O, müşriklərdən deyildi.”

 
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəstə yəhudi Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Bizə peyğəmbərlərdən başqa heç kimin bilmədiyi üç xüsusiyyət barəsində danış. [Sonra İbn Kəsir hədisin ardını qeyd etmişdir. Hədisdə qeyd olunur ki, onlar demişlər:] “İsrailin (Yaqubun) özünə haram etdiyi yemək hansıdır? [Peyğəmbər onların bu sualına cavab verərək dedi:] “Sizi, Musaya Tövratı nazil edən Allaha and verirəm, İsrailin, yəni Yaqubun (ona salam olsun) çox şiddətli xəstəliyə tutulduğunu bilirsinizmi? Xəstəliyi uzun müddət davam etdiyinə görə o, Allaha nəzir etmişdi ki, əgər Allah ona şəfa versə, ən sevimli yeməyini və ən sevimli içkisini özünə haram edəcək. Onun ən sevimli yeməyi dəvə əti, ən sevimli içkisi də onun südü idi”. Onlar dedilər: “Allaha and olsun ki, belə olub”. Peyğəmbər ﷺ dedi: “Allahım! Sən onların dediklərinə şahid ol!” (ət-Tabəri, 7411; İbn Əbu Hatim, 953; əl-Hakim, 3152. əl-Hakim demişdir: “əl-Buxari və Muslimin şərtlərinə əsasən səhihdir”. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3557)
Uca Allah buyurur: “Tövrat nazil olmamışdan əvvəl”, yəni İsrail bunu özünə Tövrat nazil olmamışdan əvvəl haram etmişdi. Mən deyirəm: “Bu ayənin əvvəl keçən ayələrlə iki cəhətdən uyğunluğu var:
 Birincisi, İsrail (Yaqub) (ona salam olsun) özünə ən sevimli olan şeyləri haram etmişdi və onları Allah üçün tərk etmişdi. Belə etmək onun şəriətinə görə icazəli idi. Uca Allahın “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmazsınız” ayəsindən sonra bu ayənin gəlməsi münasibdir. Bizim şəriətimizdə buyurulan da budur ki, bəndə sevdiyi və arzuladığı şeylərdən Allaha itaət yolunda sərf etsin. Necə ki Uca Allah buyurur: “Sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən...” (“əl-Bəqərə”, 177). “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə, əsirə verər” (“əl-İnsan”, 8).
 İkincisi, əvvəlki ayələrdə xaçpərəstlərin Məsih barədə batil inancları rədd edilməklə bu inanclarının yanlış olduğu açıqlandı, İsa və anası (onlara salam olsun) barədə həqiqətlər bilindi. Allahın onu Öz qüdrəti və istəyi ilə necə yaratdığı, onu İsrail oğullarına peyğəmbər göndərib onları Rəbbinə ibadətə çağırması bildirildi. Bu ayədə isə Uca Allah yəhudilərə rədd cavabı verərək baş verməsini və mümkün olmasını inkar etdikləri nəsxin (bir şəriət hökmünün digəri ilə əvəz olunmasının) baş verdiyini bildirir. Uca Allah onların öz kitabları Tövratda bildirmişdir ki, Nuh gəmidən endikdən sonra Allah ona yer üzünün bütün heyvanlarını yeməyi icazə vermişdi, bundan sonra İsrail (ona salam olsun) dəvə ətini və südünü özünə haram etmişdi, oğulları da bu məsələdə ona tabe olmuşdu. Tövratda da bu və bundan başqa yeməklərin haram olduğunu bildirildi. Həmçinin Uca Allah Adəmə qızlarını oğulları ilə evləndirməyə icazə vermişdi. Sonradan bunu qadağan etdi. İbrahimin (ona salam olsun) şəriətinə görə, həyat yoldaşından əlavə kəniz saxlamaq icazəli idi. Belə ki Allahın sevimli dostu İbrahim həyat yoldaşı Saradan əlavə Həcəri kəniz götürmüşdü. Sonradan bu, Tövratda yəhudilərə qadağan olundu. Həmçinin iki bacı ilə eyni vaxtda evli olmaq icazəli idi. Necə ki Yaqub (ona salam olsun) iki bacı ilə eyni vaxtda nikahda idi. Sonra bu, yəhudilərə Tövratda qadağan olundu. Bütün bunlar əllərindəki Tövratda qeyd edilmişdir. Nəsx də elə budur. Eyni şəkildə, yəhudilərə Məsihin (ona salam olsun) Tövratda qadağan olunan bəzi şeyləri halal etməsinə tabe olmağa nə mane oldu? Niyə ona tabe olmadılar? Əksinə, onu yalançı sayıb ona qarşı çıxdılar. Allahın Muhəmmədə ﷺ göndərdiyi haqq din və doğru yol da belədir. Atası İbrahimin (ona salam olsun) dini də bu idi. Nə üçün ona iman gətirmədilər? Bu səbəbdən Uca Allah belə buyurur: “Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yaqubun) özünə haram etdiklərindən savayı, bütün yeməklər İsrail oğullarına halal idi”, yəni Tövrat nazil olmamışdan əvvəl İsrailin özünə haram etdiklərindən başqa bütün yeməklər yəhudilərə halal idi. Sonra Uca Allah buyurur: “De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!” Çünki Tövrat da bizim dediklərimizin eynisini deyir. “Artıq kim bundan sonra Allaha qarşı yalan uydurarsa, məhz onlar zalımlardır”, yəni şəriətdə nəsxin (bir şəriət hökmünün ləğv edilib, digəri ilə əvəz olunmasının) baş verdiyinə dair gətirdiyimiz açıqlamadan sonra kim Allaha qarşı yalan danışıb şənbə gününə hörmətlə yanaşmazsa, Tövratda olanlara daim əməl etməzsə, açıq-aşkar dəlillərlə Allaha çağıran başqa bir peyğəmbər göndərilmədiyini iddia edərsə, “məhz onlar zalımlardır”.
Sonra Uca Allah buyurur: “De: ”Ey Muhəmməd, “Allah doğru söyləmişdir”, yəni Quranda xəbər verdiyi və şəriət olaraq qoyduğu qanunlarda Allah doğru buyurmuşdur. “Elə isə İbrahimin hənif dininə tabe olun. O, müşriklərdən deyildi”, yəni o halda Allahın Quranda Muhəmmədin dili ilə qoymuş olduğu İbrahimin dininə tabe olun. O özündə heç şəkk-şübhə doğurmayan haqq dindir. Bu elə bir yoldur ki, heç bir peyğəmbər öz ümmətini bundan daha kamil, daha aydın, daha aşkar və daha mükəmməl bir yola yönəltməmişdir. Necə ki Uca Allah buyurur: “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı” (“əl-Ənam”, 161). “Sonra sənə belə vəhy etdik: “Hənif İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi” (“ən-Nəhl”, 123).
 
Ali-İmran, 96-97
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ * فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ
96. Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.
97. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.

 
Uca Allah bu ayələrdə bildirir ki, insanların ibadət etmələri, qurban kəsmələri, ona tərəf namaz qılmaları və yanında etiqad etmələri üçün “ilk qurulan ev Bəkkədədir”, yəni İbrahimin (ona salam olsun) tikdiyi Kəbədir. O İbrahim ki, həm xaçpərəstlər, həm də yəhudilər onun dinində və yolunda olduqlarını iddia edirlər, lakin İbrahimin Allahın əmri ilə tikdiyi və insanları həcc etməyə çağırdığı evi (Kəbəni) həcc etmirlər. Bunun üçün Uca Allah ayədə “aləmlərə bərəkət və hidayət qaynağı” buyurur. Yəni çox mübarək olaraq qurulan və aləmlərə hidayət qaynağı olan Kəbədir.
İmam Əhməd rəvayət etmişdir ki, Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi, yer üzündə ilk tikilmiş məscid hansıdır?” Peyğəmbər ﷺ “Məscidul-Həramdır” dedi. Mən soruşdum: “Sonra hansıdır?” Peyğəmbər ﷺ “Məscidul-Əqsadır (Qüdsdəki məscid)” dedi. Mən soruşdum: “Birinci tikildikdən neçə il sonra ikinci tikilib?” Peyğəmbər ﷺ “Qırx il” deyə cavab verdi. Mən soruşdum: “Sonra harada namaz qılmaq olar?” Peyğəmbər ﷺ dedi: “Harada namaz vaxtına yetişsən, (oradaca) namazını qıl! Yer üzünün hər yeri məsciddir”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Musnəd (5/150 Hələbi nəşri), əl-Buxari (6/290-292, 332-333 Fəthul-Bari), Muslim (1/146). ət-Tabəri (7434) hədisin əvvəlini rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 21371, 21659; əl-Buxari, 3115, 3366; Muslim, 808, 1189)
İbn Əbu Hatim rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun) Uca Allahın “Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir” ayəsi barədə demişdir: “Kəbə tikilməmişdən əvvəl namazgah evlər idi. Kəbə Allaha ibadət üçün tikilən ilk evdir”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnadda Mucəlid ibn Səid var. Onun rəvayəti ilə gələn hədis həsəndir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində (6/290) bu rəvayəti Əlidən (Allah ondan razı olsun) nəql etmiş və demişdir: “İshaq ibn Rahaveyh, İbn Əbu Hatim və başqaları səhih isnadla rəvayət etmişlər”. Ola bilsin hədisin başqa sənədi də var və ya İbn Həcər Mucalidin rəvayətini səhih görür. (Əhməd Şakir). İbn Əbu Hatim, 3827. Hədis səhihdir. Bax: əs-Səmərul-Mustətab, səh. 513) Xalid ibn Ar'ara rəvayət edir ki, bir dəfə bir kişi Əlidən (Allah ondan razı olsun) soruşdu: “Mənə Kəbə haqqında danışa bilərsənmi? O, yer üzündə ilk qurulan evdirmi?” Əli dedi: “Xeyr, lakin o elə bir evdir ki, orada bərəkət və İbrahimin məqamı var. Habelə, ora daxil olan kəs əmin-amanlıqda olar”. (Hədisin isnadı səhihdir. ət-Tabəri (2058-2060, 7422, 7423). əl-Hafiz İbn Kəsir hədisi uzun şəkildə rəvayət etmişdir. Biz hədisi ixtisar etdik və “əl-Bəqərə” surəsinin 125-128-ci ayələrinin təfsirində buna işarə etmişik. (Əhməd Şakir) əs-Suddi birmənalı olaraq yer üzündə ilk qurulan evin Kəbə olduğunu iddia etmişdir, lakin doğru olan Əlinin (Allah ondan razı olsun) sözüdür.
Uca Allahın “İnsanlar üçün ilk qurulan ev Bəkkədədir” ayəsindəki “Bəkkə” sözü, məşhur olan rəyə görə, Məkkənin adlarındandır. Bəzi alimlərin dediyinə görə, “Bəkkə” sözü ərəbcə بَكَّ [bəkkə] “qırmaq, sındırmaq” feilindən düzəlib, bu şəhər zalım və qəddar insanları sındırıb haqqa boyun əydirdiyinə görə belə adlanmışdır. Yəni qəddar və zalımlar orada sınıb müti olurlar. Başqa bir rəyə görə, بَاكَّ  [bə:kkə] “sıxlaşmaq” feilindən düzəlib, insanların orada toplanaraq izdiham yaratdığına görə belə adlanmışdır. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Məkkə şəhəri Fəccdən ət-Tənimə qədər olan ərazinin, Bəkkə isə Kəbədən əl-Bəthaya qədər olan ərazinin adıdır”. İbrahim demişdir: “Bəkkə, Ev (Kəbə) və Məsciddir”. əz-Zuhri də belə söyləmişdir. İkrimə demişdir: “Kəbə və ətrafı Bəkkədir. Bundan kənar ərazilər isə Məkkədir”. Məkkənin bir çox adları qeyd edilib. Bəziləri bunlardır: Məkkə, Bəkkə, Beytul-Ətiq (Qədim ev), Beytul-Haram, Bələdul-Əmin (Təhlükəsiz şəhər), Ummul-Qura (Şəhərlərin anası), əl-Qadis – günahlardan təmizlədiyi üçün belə adlanıb, əl-Muqəddəsə (Müqəddəs), əl-Bəldə və əl-Kəbə.
Uca Allah buyurur: “Orada aydın nişanələr...”, yəni oranın İbrahim tərəfindən tikildiyinə və Allahın oranı ucaldıb şərəfləndirdiyinə dair aydın əlamətlər – “İbrahimin məqamı vardır”, yəni Kəbənin inşası əsnasında İbrahim (ona salam olsun) təməl və divarlarının yüksəldilməsində ondan istifadə etmişdir. İbrahim onun üzərində dayanar, oğlu İsmail isə ona daş və vəsait verərdi. İbrahimin məqamı Kəbənin divarına bitişik idi. Ömər (Allah ondan razı olsun) xəlifə olduğu dövrdə Kəbəni təvaf edənlərin rahat təvaf edə bilmələri və təvafdan sonra orada namaz qılanlara mane olmamaları üçün onu şərqə doğru geri çəkdirdi. Çünki Uca Allah “İbrahimin durduğu yeri namazgah edin!” (“əl-Bəqərə”, 125) buyurmaqla bizə onun yanında namaz qılmağı əmr etmişdir. Bu mövzu ilə əlaqəli hədisləri əvvəl (“əl-Bəqərə” surəsinin təfsirində) qeyd etdiyimiz üçün burada təkrarlanmasına lüzum görmürük. Həmd Allahadır və nemət Allahdandır.
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Orada aydın nişanələr – İbrahimin məqamı vardır” ayəsi barədə demişdir: “İbrahimin məqamı və Məşair (həcc zamanı ziyarət edilən yerlər) bu aydın nişanələrdəndir”. Mucahid demişdir: “Daşın üzərində İbrahimin iki ayaq izinin olması açıq-aydın nişanədir”. Bu rəy həmçinin Ömər ibn Abdul-Əziz, əl-Həsən, Qatədə və başqalarından rəvayət edilmişdir.
Uca Allah buyurur: “Ora daxil olan kəs əmin-amanlıqda olar”, yəni qorxan adam Məkkənin “Haram” ərazisinə daxil olarsa, orada hər cür pislikdən qorunaraq əmin-amanlıqda olar. Bu, cahiliyyə dövründə də belə idi. əl-Həsən əl-Bəsri və başqalarının dediyi kimi, “Bir adam başqasını öldürər sonra zahidliyə başlayıb Məscidul-Harama xidmət etmək və ibadətlə məşğul olmaq üçün oraya girərdi. Məscidul-Haramda öldürülənin oğlu ilə qarşılaşar və o ona hücum etməz, onu öldürməyə cəhd etməz, Haramın sərhədlərindən çıxmasını gözləyərdi”. Uca Allah bu xüsusda başqa ayələrdə buyurur: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?” (“əl-Ənkəbut”, 67) “Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi” (“əl-Qureyş”, 3-4). Həmçinin orada ov etmək, ov heyvanlarını yuvalarından qovmaq, ağacları kəsmək, otları qoparmağın qadağan olması bu ərazinin haram olmasının əlamətlərindəndir. Necə ki bu barədə bir çox səhabələrdən müxtəlif hədis və xəbərlər rəvayət edilmişdir. Bu xəbərlərin bir qismi Peyğəmbərə ﷺ, digər bir qismi isə səhabələrə nisbət olunaraq rəvayət olunur. əl-Buxari və Muslimin “Səhih” əsərlərində (mətn Muslimindir) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ Məkkənin fəthi günü demişdir: “Bu gündən etibarən artıq hicrət etməyə lüzum yoxdur, lakin cihad etmək və niyyət vardır. Əgər sizi cihada çağırsalar, tələsin!” Həmçinin Məkkənin fəthi günü demişdir: “Həqiqətən, Allah, bu şəhəri, göyləri və yeri yaratdığı gündən bəri haram etmişdir və Allahın onu haram etməsi ilə Qiyamətə qədər haram olaraq qalacaq. Burada məndən əvvəl heç kimə döyüşmək halal edilməmişdir. Mənim üçün isə ancaq günün bir saatında halal buyrulmuşdur və bundan sonra Allahın onu haram etməsi ilə Qiyamətə qədər haram olaraq qalacaq. Elə buna görə də, Məkkədə tikan kəsilməməli, ov hürküdülməməli, sahibini axtarıb-tapmaq istəyən istisna olmaqla itmiş əşya götürülməməli, ağaclarına balta dəyməməlidir”. Abbas dedi: “Ətirli qamışdan başqa, ey Allahın Elçisi! Axı onu dəmirçilər od qalayarkən və insanlar evlərin üstünü örtmək üçün istifadə edirlər”. Peyğəmbər ﷺ də “Ətirli qamışdan başqa” deyə buyurdu”. (Muslim (1/383), əl-Buxari (6/202-203 Fəthul-Bari). Bu hədis həmçinin “əl-Bəqərə” surəsinin 125-ci ayəsinin təfsirində keçdi. (Əhməd Şakir). Muslim, 2412, 3668; əl-Buxari, 2951, 3189) əl-Buxari və Muslimdə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən buna oxşar daha bir hədis var. Yenə əl-Buxari və Muslimin “Səhih” əsərlərində (mətn Muslimindir) rəvayət olunur ki, Əbu Şureyh əl-Adəvi Məkkəyə həcc ziyarəti üçün karvan göndərən Amr ibn Səidə belə dedi: “Ey Əmir, mənə izn ver Məkkənin fəthinin ertəsi günü Peyğəmbərin ﷺ dediyi sözləri sənə danışım. O sözləri mənim bu qulaqlarım eşitdi, qəlbim duydu və o bu sözləri söyləyərkən gözlərim onu gördü. Peyğəmbər ﷺ Allaha həmd edib Onun şəninə təriflər dedikdən sonra belə buyurdu: “Məkkənin toxunulmaz olduğunu insanlar deyil, məhz Allah buyurmuşdur. Odur ki Allaha və Axirət gününə iman gətirən adama orada nə qan tökmək, nə də bir ağac baltalamaq halal olmaz. Əgər kimsə Allahın Elçisinin ﷺ orada döyüşdüyünü əlində əsas tutaraq buna rüsxət versə, (ona) “Allah Öz Elçisinə izn vermişdir, sizə isə izn verməmişdir” deyin. O mənə yalnız bu günün bir saatında belə etməyə izn verdi və bu gün (Məkkə), yenə də dünənki kimi toxunulmaz oldu. Qoy burada olanlar (eşitdiklərini) aramızda olmayanlara təbliğ etsinlər”. Əbu Şureyhdən soruşdular: “Bəs Amr sənə nə dedi?” Əbu Şureyh dedi: “Amr: “Ey Əbu Şureyh, bunu mən səndən daha yaxşı bilirəm. Həqiqətən, Haram, günahkara və qatil olduğu üçün və ya şəriətə müxalif olan bir əməl etdiyi üçün qaçıb gizlənənə sığınacaq verməz”, dedi”. (Muslim (1/383-384), əl-Musnəd (16444, 16448), əl-Buxari (1/176-177, 4/35-39 Fəthul-Bari). ət-Tabəri hədisin bir hissəsini rəvayət etmişdir (2027). (Əhməd Şakir). Muslim, 2413, 3370; əl-Buxari, 1701, 1832) Cabirdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ demişdir: “Heç birinizə Məkkədə silah daşımaq halal deyildir”. (Muslim, 2416, 3373) Muslim rəvayət etmişdir. Abdullah ibn Adiy (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (Mədinəyə hicrəti ərəfəsində) Məkkədəki əl-Həzvəra (əl-Həzvəra - Kəbəyə yaxın olan yer adıdır. Hal-hazırda məscid genişləndiyi üçün məscidin daxilindədir) bazarında dayanıb belə dediyini eşitdim: “Allaha and olsun ki, sən (Məkkə) Allahın yer üzündəki ən xeyirli və ən sevimli diyarısan. Əgər məni buradan çıxartmasaydılar, mən buranı tərk etməzdim”. (Əhməd, 18737, 18715, 18922; İbn Məcə, 3108. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2725) Hədisi İmam Əhməd rəvayət etmişdir və mətn də ona aiddir. Həmçinin ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisi “həsən-səhih” adlandırmış (əl-Musnəd (4/305 Hələbi nəşri). (Əhməd Şakir) və İbn Abbasın (Allah ondan razı olsun) da buna oxşar səhih hədis rəvayət etdiyini bildirmişdir. Əhməd oxşar hədisi Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir.
Uca Allah buyurur: “Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır”. Əksər alimlərin rəyinə görə, bu ayə həcc ibadətinin vacib olduğunu bildirir. Bəzi alimlər isə həcc ibadətinin Uca Allahın “Allah üçün həcc və ümrəni tam yerinə yetirin” (“əl-Bəqərə”, 196) ayəsinə görə vacib olduğunu demişlər. Birinci rəy daha güclüdür. Həccin İslamın təməl rüknlərindən və əsaslarından biri olduğuna dair çox sayda hədislər varid olmuşdur. Həmçinin müsəlman alimlərinin bu mövzuda yekdil rəyi vardır. Mükəlləf olan adama ömründə bir dəfə həcc etməyin fərz olması dəlillərlə və müsəlman alimlərinin icması (yekdil rəyi) ilə təsdiq olunmuşdur. İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ bizə xütbə verdi və belə buyurdu: “Ey insanlar, həcc sizə vacib edildi, odur ki həcc edin!” Bir kişi “Ey Allahın Elçisi, hər il?” deyə soruşdu. Peyğəmbər ﷺ susdu. Kişi sualını üç dəfə təkrarladı. Peyğəmbər ﷺ dedi: “Əgər “bəli” desəydim, artıq hər il həcc etmək sizə vacib olardı və sizin də buna gücünüz çatmazdı”. Sonra Peyğəmbər ﷺ sözünə davam edərək dedi: “Mən sizə bir şey buyurmadığım müddətcə siz də mənə sual verməyin. Həqiqətən, sizdən əvvəlkiləri peyğəmbərlərinə çox sual vermələri və ona müxalif olmaları həlak etdi. Sizə nəyi əmr edirəmsə, onu gücünüz çatdığınız qədər yerinə yetirin. Nədən çəkindirirəmsə, ondan çəkinin!” Hədisi Muslim də oxşar mətnlə rəvayət etmişdir. (əl-Musnəd (10615), Muslim (1/379). (Əhməd Şakir). Muslim, 2380, 3321; Əhməd, 10607, 10615. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2505) İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ bizə xütbə verdi və buyurdu: “Ey insanlar, Allah sizə həcci vacib etdi”. Əqra ibn Həbis qalxdı və dedi: “Ey Allahın Elçisi, həcc etmək hər il vacibdir?” Peyğəmbər ﷺ dedi: “Əgər “bəli” desəydim, vacib olacaqdı. Vacib olsaydı, bunu etməyə gücünüz çatmazdı və yerinə yetirə bilməzdiniz. Həcc ömürdə bir dəfədir. Kim bundan artıq etsə, onun üçün nafilədir”. Bu hədisi İmam Əhməd, Əbu Davud, ən-Nəsəi, İbn Məcə və əl-Hakim rəvayət etmişlər. (əl-Musnəd əsərində bir neçə yerdə gəlmişdir. Ən birincisi (2304) saylı hədisdir. əl-Hakim (2/293) əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 2642; əl-Hakim, 3155. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 980) Eyni hədis Usəmə ibn Zeyddən də rəvayət edilmişdir.
əl-Buxari və Muslim “Səhih” əsərlərində Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bir dəfə Suraqa ibn Malik Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, həcdən əvvəl ümrə etmək (təməttu həcci) yalnız bu ilə aiddir, yoxsa həmişə etmək olar?” Peyğəmbər ﷺ dedi: “Xeyr, həmişə etmək olar”. Başqa bir rəvayətdə “Xeyr, həmişə, həmişə etmək olar” deyə buyurdu. (Bu hədis Cabirin Suraqa ibn Malikdən rəvayət etdiyi hədisin bir hissəsidir. əl-Buxari (4/484-485 Fəthul-Bari), Muslim (1/344-345) (Əhməd Şakir). əl-Buxari, 1660, 1785; Muslim, 2131, 3002) İmam Əhmədin “əl-Musnəd” və Əbu Davudun “Sunən” əsərlərində Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun - vida həccində) zövcələrinə dedi: “Həcciniz bundan ibarətdir. Sonra evinizə bağlanıb çölə çıxmayacaqsınız”. (əl-Musnəd (5/218-219 Hələbi nəşri), Əbu Davud (1722). Hədisin isnadları səhihdir. Həmçinin Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) səhih isnadla rəvayət etmişdir (9764). (Əhməd Şakir). Əbu Davud, 1722, 1724; Əhməd, 21955, 22250. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2401) Yəni bu həcdən sonra evlərinizə bağlanın və çölə çıxmayın.
Həcc etmək üçün güc tələb olunmasına gəlincə, bunun halları var. Bəzən insan tək halda, bəzən isə başqası ilə həcc etməyə gücü çatır. Necə ki bu xüsus fiqh kitablarında ətraflı izah olunur. əl-Hakim Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Uca Allahın “Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır” ayəsi haqqında soruşularaq “Ayədəki “Yoluna gücü çatan...” dedikdə nə nəzərdə tutulur?” deyildi. Peyğəmbər ﷺ “Azuqə və minik” deyə cavab verdi”. Sonra əl-Hakim demişdir: “Hədis Muslimin şərtinə görə səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Hakim iki isnadla (1/441-442) rəvayət etmişdir. Bu isnadlardan birinin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu, digərinin isə Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 1614. Hədis zəifdir. Bax: Daif əl-Cami, 3335) İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Vacib olan həcci yerinə yetirməyə tələsin! Çünki sizlərdən heç kəs sabah başına nə gələcəyini bilə bilməz”. (Əhməd, 2869. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 990) Həmçinin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ belə demişdir: “Kim həcc etmək istəyirsə, tələssin!” (Əbu Davud, 1734. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 4/168) Hədisi Əbu Davud rəvayət etmişdir. (Bu iki hədisdən birincisi “əl-Musnəd” əsərində (2869) zəif sənədlə, ikincisi isə (1973) səhih sənədlə rəvayət olunur. Həmçinin “əl-Musnəd” əsərinin (1833, 1834) saylı hədislərinə bax. (Əhməd Şakir).
Uca Allah buyurur: “Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur”. İbn Abbas, Mucahid və bir çoxları demişlər: “Yəni kim həccin fərz olduğunu inkar edərsə, küfr etmiş olar və Allahın ona ehtiyacı yoxdur”. Hafiz Əbu Bəkr əl-İsmaili rəvayət etmişdir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Həcc etməyə gücü çatdığı halda həccə getməyənin və bu halda ölənin yəhudi və ya xaçpərəst kimi ölməsi arasında heç bir fərq yoxdur”. (Əbu Nueym “Hilyətul-Əuliyə” 9/252; İbn Kəsir “Musnədul-Faruq” 294). Bu hədisin Ömərə (Allah ondan razı olsun) qədər isnadı səhihdir. Səid ibn Mənsur “Sunən” əsərində əl-Həsən əl-Bəsridən rəvayət etmişdir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “İstərdim bu şəhərlərə adamlar göndərim və baxsınlar ki, həcc etməyə gücü çatdığı halda həccə getməyənlər varsa, onların üzərinə cizyə vergisi qoysunlar. Çünki onlar müsəlman deyil, onlar müsəlman deyil”. (İbn Kəsir “Musnədul-Faruq” 295. Hafiz İbn Kəsir demişdir: “Hədisin sənədində ravilər arasında kəsiklik var”. İbn Kəsir “Musnədul-Faruq” 1/450)
 
Ali-İmran, 98-99
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ * قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنْتُمْ شُهَدَاءُ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
98. De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?!”
99. De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan sapdırırsınız?!” Halbuki Allah sizin etdiklərinizdən qafil deyildir.

 
Bu ayələrdə Uca Allah Kitab əhlindən kafir olanları haqqa qarşı inadkarlıq göstərib Allahın ayələrini inkar etdiklərinə görə, habelə öz səy və gücləri sayəsində Allahın yoluna gəlmək istəyən iman əhlini Allahın yolundan azdırdıqlarına görə məzəmmət edir. Halbuki onlar əvvəlki peyğəmbərlərdən əldə etdikləri elmə, həmçinin bu peyğəmbərlərin verdiyi müjdəyə əsasən yazıb-oxumağı bacarmayan, Məkkəli ərəb, Haşimi, Adəm övladının ağası, peyğəmbərlərin sonuncusu, yerin və göyün Rəbbinin elçisi olan Muhəmmədin ﷺ gətirdik-lərinin Allah dərgahından gələn haqq olduğunu bilirdilər.
Uca Allah bu ayələrlə onları təhdid edərək bildirir ki, həqiqətən, O, onların peyğəmbər-lərdən gələnlərə qarşı çıxmalarına, müjdəsini aldıqları Peyğəmbərin ﷺ gətirdiklərinə yalan, inkar və inadla qarşılıq vermələrinə şahiddir və nə etdiklərindən xəbərsiz deyil. Yəni Allah mal-dövlətin və oğul-uşağın fayda verməyəcəyi bir gündə bu etdiklərinin cəzasını onlara mütləq verəcək.
 
Ali-İmran, 100-101
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا فَرِيقًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُمْ بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ * وَكَيْفَ تَكْفُرُونَ وَأَنْتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَنْ يَعْتَصِمْ بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ
100. Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndərib kafir edərlər.
101. Sizə Allahın ayələri oxunduğu halda, Onun Rəsulu da aranızda ikən siz necə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağlanarsa, həqiqətən, doğru yola yönəlmiş olar.

 
Uca Allah bu ayələrdə mömin qullarını bəxş etdiyi lütf və göndərdiyi peyğəmbər nemətinə görə onlara həsəd aparan bir qrup Kitab əhlinə itaət etməkdən çəkindirir. Necə ki başqa ayələrdə buyurur: “Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra kafirliyə qaytarmaq istərlər” (“əl-Bəqərə”, 109). Burada isə belə buyurur: “Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndərib kafir edərlər”. Sonra buyurur: “Sizə Allahın ayələri oxunduğu halda, Onun Rəsulu da aranızda ikən siz necə küfr edə bilərsiniz?!”, yəni küfr sizdən, siz də küfrdən uzaqsınız. Allahın ayələri gecə-gündüz Elçisinə nazil olur, o da onları sizə oxuyub təbliğ edir. Bu ayə, Uca Allahın “Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz?! Əgər siz möminsinizsə, bilin ki, artıq O sizdən əhd almışdır” (“əl-Hədid”, 8) ayəsinə bənzəyir. Bir hədisdə rəvayət edilir ki, bir gün Peyğəmbər ﷺ səhabələrindən soruşdu: “Sizcə, iman baxımından ən qəribə möminlər hansılardır?” Səhabələr “Mələklər” deyə cavab verdilər. Peyğəmbər ﷺ dedi: “Onlar Rəbləri yanında ola-ola necə iman gətirməsinlər?” Səhabələr peyğəmbərləri qeyd etdikdə Peyğəmbər ﷺ dedi: “Onlara vəhy nazil olduğu halda necə iman gətirməsinlər?” Səhabələr “Elə isə bizik” dedilər. Peyğəmbər ﷺ dedi: “Mən sizin aranızda olduğum halda necə iman gətirməyəsiniz?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, o halda iman baxımından ən qəribə olanlar kimlərdir?” Peyğəmbər ﷺ dedi: “İman baxımından ən qəribə olanlar, sizdən sonra gələcək bir qövmdür. Onlar səhifələr tapacaqlar və bu səhifələrdə olanlara iman gətirəcəklər”. (əl-Beyhəqi “Dələil ən-Nubuvvə”(2/538). Oxşar hədisi əl-Bəzzər (7294) rəvayət etmişdir. Hədisin mətni belədir: Əbu Salih (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Allahın Elçisi ﷺ dedi: “(Görəsən), qardaşlarımla nə vaxt görüşəcəyəm?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, məgər biz sənin qardaşların deyilikmi?” O buyurdu: “Siz mənim səhabələrimsiniz, qardaşlarım isə ümmətimdən məni görmədən mənə iman gətirib, məni təsdiq edənlərdir”. Sonra Allahın Elçisi ﷺ onlara dedi: “Yaradılmışlardan iman baxımından ən qəribə olanlar kimlərdir?” Səhabələr dedilər: “Allahın mələkləridir”. Allahın Elçisi ﷺ buyurdu: “Onlar Rəblərinin yanında ola-ola niyə iman gətirməsinlər ki?!” Səhabələr dedilər: “Onda peyğəmbərlərdir”. O buyurdu: “Onlara vəhy gəldiyi halda niyə də iman gətirməsinlər ki?!” Səhabələr dedilər: “Peyğəmbərlərin səhabələridir”. Allahın Elçisi ﷺ buyurdu: “Allahın peyğəmbərləri onların yanında ola-ola niyə də iman gətirməsinlər ki?! Onlar ümmətimdən məni görməyib özlərinə Rəbləri tərəfindən bir kitab gətirilən, ona iman gətirən və onu təsdiq edən qövmdür”. Hədisin müxtəlif yollarını cəm etməklə hədis “həsən” dərəcəsinə qalxır. Bax: Silsilə əs-Səhihə, 3215) Hədisin sənədi və hədis haqqında məlumat əl-Buxarinin “Səhih” əsərinin şərhinin əvvəlində zikr edilmişdir. Həmd Allaha məxsusdur.
Sonra  Uca Allah buyurur: “Kim Allaha möhkəm bağlanarsa, həqiqətən, doğru yola yönəlmiş olar”, yəni bununla yanaşı doğru yola çatmaq üçün möhkəm təməl, azğınlıqdan uzaqlaşmaq üçün səbəb, haqqa yönəlmək üçün vasitə və arzulara yetmək üçün düzgün bir yol Allaha sarılmaq və Ona təvəkkül etməkdir.
 
Ali-İmran, 102-103
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ * وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
102. Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və
ancaq müsəlman olduğunuz halda ölün!
103. Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın
sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir
çuxurun lap kənarında ikən O sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə
beləcə bəyan edir ki, bəlkə, doğru yola yönələsiniz.

 
İbn Əbu Hatim rəvayət etmişdir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) Uca Allahın “Allahdan Ona layiq olan tərzdə qorxun” ayəsi barəsində belə demişdir: “Allahdan layiqincə qorxmaq Allaha itaət edib Ona asi olmamaqdır, Allahı zikr edib Onu unutmamaqdır, nemətinə şükür edib nankorluq etməməkdir”. (İbn Əbu Hatim, 3908; ən-Nəsəi “Sunənul-Kubra” 11847; əl-Hakim, 3159. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6909) Bu, səhabədən gələn səhih bir isnaddır. İbn Mərdəveyh oxşar hədisi İbn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ sözü olaraq rəvayət etmişdir. əl-Hakim də eyni hədisi rəvayət etmiş və demişdir: “Bu hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. Doğru olan budur ki, hədis İbn Məsudun (Allah ondan razı olsun) sözüdür. Ən doğrusunu isə Allah bilir.
Səid ibn Cubeyr, Qatədə, Muqatil və başqaları bu ayənin Uca Allahın “Allahdan bacardığınız qədər qorxun” (“ət-Təğabun”, 16) ayəsi ilə nəsx olunması (hökmünün ləğv olunması) fikrindədirlər. İbn Abbas (Allah ondan razı olsun) isə demişdir: “Xeyr, bu ayə nəsx olunmamışdır. “Allahdan Ona layiq olan tərzdə qorxun” ayəsinin mənası “Allah yolunda haqqı ilə mübarizə aparmaq, bu yolda sənə tənə edənin tənəsindən qorxmamaq, etdiyi şahidlik özünün, valideynlərinin və övladlarının əleyhinə olsa belə, Allah üçün ədaləti qorumaqdır”. (İbn Əbu Hatim, 3910).
Uca Allah buyurur: “...və ancaq müsəlman olduğunuz halda ölün!”, yəni müsəlman olaraq ölməniz üçün sağ və salamat olarkən İslama sarılın. Çünki Səxavətli olan Allah belə bir qayda qoymuşdur ki, insan hansı hal üzərində yaşayarsa, o hal üzərində ölər, hansı hal üzərində ölərsə, o halda da dirildilər. İslama zidd olan bir hal üzərində yaşamaqdan Allaha sığınırıq. İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki,  Peyğəmbər ﷺ belə demişdir: “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” Əgər Zəqqumdan (Zəqqum Cəhənnəmdə bitən və Cəhənnəm əhlinin onun yarpaqları ilə qidalanmaq məcburiyyətində qaldığı ağacdır) bir damcı dünyaya düşsəydi, o damcı dünyadakı canlıların yaşayışını zəhərləyərdi. Görün indi Zəqqumdan başqa yeməyi olmayanın halı necə olacaq?” (Əhməd, 2735. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir) Hədisi bu şəkildə ət-Tirmzi, ən-Nəsəi, İbn Məcə və əl-Hakim rəvayət etmişlər. Həmçinin İbn Hibban “Səhih” əsərində rəvayət etmişdir. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir. əl-Hakim isə demişdir: “əl-Buxari və Muslimin şərtlərinə uyğundur, lakin onlar rəvayət etməmişlər”. (əl-Musnəd (2735), əl-Hakim (2/294). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir) İmam Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sizlərdən kim Cəhənnəmdən uzaqlaşıb Cənnətə daxil olmaq istəyirsə, əcəlini Allaha və Axirət gününə iman etmiş bir halda qarşılasın və insanlarla özünə qarşı edilməsini istədiyi rəftarla davransın”. (əl-Musnəd (6708). Hədisi həmçinin Muslim geniş şəkildə rəvayət etmişdir (2/87-88). İbn Kəsir bu hədisi bu surənin 185-ci ayəsinin təfsirində Vəkinin rəvayəti ilə təkrar olaraq gətirəcəkdir. (Əhməd Şakir). Əhməd, 6807. Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir) Həmçinin İmam Əhməd rəvayət etmişdir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ ölümündən üç gün əvvəl belə dediyini eşitdim: “Sizdən biriniz ölərkən yalnız Allah barədə gözəl zəndə olaraq canını tapşırsın”.  (Əhməd, 14580, 14620; Muslim, 5125, 7412) Hədisi Muslim də rəvayət etmişdir.
Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın...”. Bəzi alimlərə görə ayədə “Allahın ipi” deyildikdə Allahla bağlanmış əhd nəzərdə tutulur. Necə ki Uca Allah sonrakı ayədə buyurur: “Harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya insanların ipinə sarılan kimsələr müstəsnadır” (“Ali-İmran”, 112). Yəni Allahla və insanlarla bağlanmış əhdə görə himayə olunanlar istisnadır. Başqa bir rəyə görə, “Allahın ipi” deyildikdə Quran nəzərdə tutulur. Bu mənada xüsusi olaraq hədis varid olmuşdur. ət-Tabəri Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allahın Kitabı Allahın göydən yerə uzanan ipidir”. (ət-Tabəri (7572). İsnadı zəifdir, lakin mənası doğrudur. İbn Hibban “Səhih” əsərində (123) Zeyd ibn Ərqamdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Mən sizə Allahın Kitabını qoyub gedirəm. O, Allahın ipidir, kim ona sarılarsa, doğru yolda olar”. Bu hədisi Muslim uzun şəkildə rəvayət etmişdir (2/238). (Əhməd Şakir). ət-Tabəri, 7610. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2024)
Uca Allah buyurur: “...və parçalanmayın!” Burada Uca Allah möminlərə camaat olmağı əmr edərək parçalanmağı qadağan edir. Necə ki Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tutur. Sizin yalnız Ona ibadət edib heç nəyi Ona şərik qoşmamağınızdan, hamılıqla Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın sizə nəsib etdiyi ixtiyar sahiblərinizlə səmimi davranmanızdan razı qalır. Dedi-qodu yaymağınıza, çox sual verməyinizə və malı israf etməyinizə isə qəzəbi tutur”. (Muslim, 3236, 4578) Çoxsaylı hədislərdə keçdiyi kimi, həmrəy olduqları təqdirdə möminlərin səhv etməkdən qorunmalarına zəmanət verilmiş, parçalanıb firqələrə ayrılmalarından çəkindirilmişdir. Lakin çəkindirilən bu hal artıq ümmətdə baş vermiş və bu ümmət yetmiş üç firqəyə bölünmüşdür. Bu yetmiş üç firqədən yalnız biri Cəhənnəm əzabından xilas olub Cənnətə girən “Firqatun-Nəciyə” (nicat tapan firqə) olacaq. Bunlar Peyğəmbərin ﷺ və səhabələrinin tutduğu yolu gedənlərdir.
Uca Allah buyurur: “Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir çuxurun lap kənarında ikən O sizi ondan xilas etdi”. Bu ayənin məzmunu əl-Əus və əl-Xazrəc qəbilələri haqqındadır. Cahiliyyə dövründə bu iki qəbilə arasında tez-tez döyüşlər baş verir və bir-birlərinə qarşı şiddətli kin və düşmənçilik vardı. Bu səbəbdən aralarındakı müharibələr və döyüşlər getdikcə uzanırdı. Allah İslam dinini göndərdikdə hər iki qəbilədən İslamı qəbul edənlər oldu və onlar Allaha olan məhəbbətlərinə görə bir-birlərini sevən, Allah üçün birləşib yaxşı işlərdə və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-birlərinə yardım edən qardaşlar oldular. Uca Allah başqa bir ayədə buyurur: “Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O Qüdrətlidir, Hikmət sahibidir” (“əl-Ənfal”, 62-63). Kafir olduqları üçün odlu bir çuxurun lap kənarında ikən Allah onları xilas etdi və onları imana gətirməklə oradan uzaqlaşdırdı. Peyğəmbər ﷺ Huneyn döyüşündən əldə etdiyi qənimətləri bölüşdürərkən Allahın əmri ilə ənsarlardan olmayanlara daha çox pay vermişdi. Ənsarlardan bəziləri buna narazıçılıq etdikdə Peyğəmbər ﷺ xütbə verərək onlara İslamdan əvvəlki hallarını xatırladıb belə buyurdu: “Ey ənsarlar, mən sizi azmış halda tapmadımmı və Allah mənim sayəmdə sizə hidayət bəxş etmədimi? Siz bölünmüşdünüz, Allah mənim sayəmdə sizi birləşdirmədimi? Kasıb idiniz, Allah mənim sayəmdə sizi zəngin etmədimi?” Peyğəmbərin ﷺ hər dediyinə ənsarlar “Allah və Onun Elçisi ən çox lütf edəndir” deyə cavab verirdilər”. (əl-Buxari, 3985, 4330; Muslim, 1758, 2493)
 
Ali-İmran, 104-109
وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ * وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ وَأُولَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ * يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ * وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللَّهِ هُمْ فِيهَا خَالِدُونَ * تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ * وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
104. Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır.
105. Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.
106. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!” deyiləcəkdir.
107. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti içərisində olacaq və onlar orada əbədi qalacaqlar.
108. Bunlar Allahın ayələridir ki, onları sənə haqq olaraq oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz.
109. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər sonda Allaha qaytarılacaqdır.

 
Uca Allah buyurur: “Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun”, yəni xeyrə çağırmaqla, yaxşı işləri əmr edib pis işlərdən çəkindirməklə Allahın əmrini yerinə yetirmək üçün təyin edilmiş bir toplum olsun. “Məhz onlar nicat tapanlardır”. əd-Dahhək demişdir: “Bunlar seçilmiş səhabələr və hədis rəvayətçiləridir”, yəni Allah yolunda cihad edənlər və alimlərdir. Ayənin mənası budur ki, ümmət içində bu işlə məşğul olan xüsusi bir toplum olmalıdır. Baxmayaraq ki, bu işlə məşğul olmaq ümmətin fərdlərinin hər birinə vacibdir. Necə ki Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ demişdir: “Sizdən biriniz günah işləndiyini görsə, qoy bunu əli ilə düzəltsin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (buna nifrət etsin), bu da imanın ən zəif dərəcəsidir (Hədisdə “bu da imanın ən zəif dərəcəsidir” deyildikdə səmərəsi və savabı ən az olanı nəzərdə tutulur)”. (Muslim, 70, 186) Digər rəvayətdə: “Bundan o yana isə bir xardal dənəsi boyda belə iman yoxdur (Yəni bundan o yana imanın heç bir mərtəbəsi mövcud deyil. Belə ki günah işləri qəlbi ilə inkar etməyən adam onu bəyənmiş kimsələrdən hesab edilir, onu bəyənmək isə küfr sayılır. (“Mişkətul-Məsabih”, 1/603)”. (əl-Hafiz İbn Kəsir burada səhvə yol verərək “Sizdən biriniz günah işləndiyini görsə...” hədisini Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Halbuki bu hədis Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunur. Sözsüz ki, İbn Kəsir burada səhv etmişdir. Hədis Muslimin “Səhih” əsərində rəvayət olunan uzun hədisdir (1/29). Həmçinin hədisi İmam Əhməd Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət olunan hədislərin toplumunda rəvayət etmişdir (11089, 11167). Daha sonra İbn Kəsirin: “Digər rəvayətdə yazılmış “Bundan o yana isə bir xardal dənəsi boyda belə iman yoxdur” sözündən belə çıxır ki, bu da əvvəlki hədisin rəvayətidir. Lakin bu rəvayət Əbu Səidin rəvayəti deyil, İbn Məsuddan rəvayət olunan başqa bir uzun hədisin bir hissədir. Bu rəvayəti də Muslim “Səhih” əsərində Əbu Səidin (Allah ondan razı olsun) hədisindən sonra gətirmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) isə nə bunu, nə də digərini rəvayət etməmişdir. (Əhməd Şakir). Muslim, 71, 188)  
İmam Əhməd Huzeyfə ibn əl-Yəməndən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Canım əlində olan Allaha and olsun ki, ya yaxşı işləri əmr edib pis işlərdən çəkindirəcəksiniz, ya da Allah Öz tərəfindən sizə cəza göndərəcək. Bundan sonra Ona dua etsəniz də, dualarınız qəbul olunmaz”. (Əhməd, 23349, 23690; ət-Tirmizi, 2169, 2323. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 5140) Bu hədisi ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən” olduğunu bildirmişdir. Bu mövzuda bir çox hədis və ayələr var, yeri gəldikcə onlar açıqlanacaq.
Sonra Uca Allah “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir” buyuraraq bu ümmətə özlərinə açıq-aydın dəlillər gəldiyi halda parçalanan, ixtilaf edən, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirməyi tərk edən keçmiş ümmətlər kimi olmağı qadağan etmişdir. İmam Əhməd rəvayət etmişdir ki, Əbu Amir Abdullah ibn Luhey demişdir: “Muaviyə ibn Əbu Süfyan ilə həccə getdik. Məkkəyə çatıb Zöhr namazını qıldıqdan sonra Muaviyə qalxdı və belə dedi: “Allahın Elçisi ﷺ demişdir: “Həqiqətən, sizdən əvvəlki iki Kitab əhli (yəhudilər və xaçpərəstlər) dinlərində yetmiş iki firqəyə bölünmüşdülər. Vaxt gələcək bu ümmət yetmiş üç firqəyə, yəni bidətlərə (dində yeniliklərə) bölünəcək. Bu firqələrdən biri istisna olmaqla, yerdə qalanı Cəhənnəmə düşəcək. İstisna olan firqə camaatdır. Ümmətimdən bir qrup insanlar çıxacaq ki, quduzluğun quduzluq xəstəliyinə tutulmuş insanın içinə nüfuz etdiyi kimi bu bidətlər onlara daxil olacaq. Bu bidətlərin onlarda yerimədiyi damar və oynaq qalmayacaqdır. Ey Ərəblər! Allaha and olsun ki, əgər siz Peyğəmbərinizin ﷺ gətirdiklərinə əməl etməsəniz, sizdən başqaları bunları heç etməzlər”. (Əhməd, 16979, 17061; əl-Hakim, 443. Şueyb əl-Arnavut şahidləri ilə birlikdə səhih olduğunu bildirmişdir) Hədisi Əbu Davud belə rəvayət etmişdir. Bu hədis bir çox yollarla rəvayət edilmişdir.
Uca Allah buyurur: “O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qiyamət günü Peyğəmbərin ﷺ sünnəsini yaşayanların və camaat olanların üzləri ağaracaq, bidət edənlərin və firqələrə ayrılanların üzləri isə qaralacaqdır”. (İbn Əbu Hatim, 3950)
“Üzləri qaralan kəslərə “İman gətirdikdən sonra kafirmi oldunuz?! ...” deyiləcəkdir”. əl-Həsən əl-Bəsri demişdir: “Bunlar münafiqlərdir”. “Elə isə küfr etdiyinizə görə dadın əzabı!” deyiləcəkdir”. Bu xüsusiyyət bütün kafirləri əhatə edər.
“Üzləri ağ olan kəslər isə Allahın mərhəməti içərisində olacaq və onlar orada əbədi qalacaqlar”, yəni onlar Cənnətdə əbədi qalıb oradan ayrılmaq istəməyəcəklər. ət-Tirmizi Əbu Ğalibdən rəvayət etmişdir ki, bir dəfə Əbu Uməmə əl-Bəhili (Əbu Uməmə əl-Bəhili – Sudey ibn Əclən ibn Vəhb əl-Bəhili hicrətdən 21 il əvvəl anadan olmuş, hicri 86-cı ildə vəfat etmişdir. Peyğəmbərin ﷺ səhabələrindən olmuşdur) Dəməşq məscidinə gedən yolun kənarlarında sancılmış insan başları gördü və dedi: “Bunlar (xəvariclər (“Xəvaric” sözü ərəbcə خَرَجَ [xaracə] “xaric olmaq” feilindən əmələ gəlmiş خَارِجِي [xa:rici] “xaric olan” sözünün cəmidir. Xəvariclər müsəlman camaatından ayrılıb özünə dəstə yaradan və ya yaranmış belə bir dəstəyə qoşulan, dəlil-sübut olmadan böyük günah sahibini kafir sayan və şəriətə zidd olan digər əxlaqları özündə cəm edən fasiqlər nəzərdə tutulur. Bu firqə müsəlmanlar arasında meydana gəlmiş ilk batil firqədir. Onlar Allahın razı qaldığı, Cənnətlə müjdələnmiş, İslam üçün canından və malından keçmiş, ölənədək Peyğəmbərə ﷺ sadiq olmuş Osman və Əli (Allah onlardan razı olsun) kimi iki böyük səhabəni kafir sayıb şəhid etmişlər. Peyğəmbər ﷺ onları “Cəhənnəmin köpəkləri” adlandırmışdır) Cəhənnəmin köpəkləridir. Onlar yer üzündə ölmüş ən pis insanlardır, öldürdükləri isə yer üzünün ən xeyirli insanlarıdır”. Sonra bu ayəni sonuna qədər oxudu: “O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır”. Əbu Umamədən soruşdum: “Sən bunu Peyğəmbərdən ﷺ eşitdinmi?” O dedi: “Əgər onu Peyğəmbərdən ﷺ bir, iki, üç, dörd – yeddiyə qədər saydı – dəfə eşitməsəydim, sizə danışmazdım”. (ət-Tirmizi, 3000, 3270. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 3554) ət-Tirmizi demişdir: “Hədis həsəndir”. Həmçinin hədisi İbn Məcə və oxşar mətnlə İmam Əhməd rəvayət etmişlər.
Sonra Uca Allah buyurur: “Bunlar Allahın ayələridir”, yəni bunlar Allahın hüccət və dəlilləridir. Ey Muhəmməd, “onları sənə haqq olaraq oxuyuruq”. Dünya və Axirətdə baş verəcək  halları sənə açıqlayırıq. “Allah aləmlərə zülm etmək istəməz”, yəni Allah onlara zülm edən deyil, əksinə, O, Ədalətli bir Hakimdir və heç kəsə zülm etməz. Çünki O hər şeyə Qadirdir, hər şeyi Biləndir. Bununla belə, yaratdıqlarından kiməsə zülm etməkdən Ucadır. Bu səbəbdən növbəti ayədə belə buyurur: “Göylərdə və yerdə nə varsa Allaha məxsusdur”, yəni göylərdə və yerdə nə varsa hamısı Allahın mülküdür və quludur. “Bütün işlər sonda Allaha qaytarılacaqdır”, yəni dünya və Axirətdə hökmranlıq Onundur, dünya və Axirətdə yeganə hakim də Odur.
 
Ali-İmran, 110-112
كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ * لَنْ يَضُرُّوكُمْ إِلَّا أَذًى وَإِنْ يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ * ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
110. Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.
111. Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.
112. Harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aşmışlar.

 
Uca Allah Muhəmməd ümmətinin ən xeyirli ümmət olduğunu xəbər verərək buyurur: “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz”. əl-Buxari rəvayət etmişdir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Uca Allahın “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz” ayəsi barəsində demişdir: “Siz insanlar üçün ən xeyirli insanlarsınız. İslama girmələri üçün onları boyunlarında zəncirlə gətirirsiniz (Yəni İslama daxil olmaları üçün onlarla vuruşur və onları əsir alırsınız. Sonra onlar İslam dininin gözəlliyini görüb onu qəbul edirlər və Qiyamət günü iman əhli ilə birgə Cənnətə daxil olacaqlar)”. (əl-Buxari, 4191, 4557) İbn Abbas, Mucahid, İkrimə və başqaları da bu ayəni “Siz insanlar üçün ən xeyirli insanlarsınız” kimi təfsir etmişlər. Yəni bu ümmət ümmətlərin ən xeyirlisi və insanların insanlar üçün ən faydalı olanlarıdır. Bu səbəbdən Uca Allah “...onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”- buyurur. 
İmam Əhməd Durra bint Əbu Ləhəbdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ minbərdə ikən bir kişi qalxıb soruşdu: “Ey Allahın Elçisi, insanların ən xeyirlisi hansıdır?” Peyğəmbər ﷺ dedi: “İnsanların ən xeyirlisi ən gözəl Quran oxuyan, ən çox Allahdan qorxan, ən çox yaxşılığı əmr edib pis işlərdən çəkindirən və ən çox qohumluq əlaqələrini birləşdirənlərdir”. (Əhməd, 27474, 27980. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 2093) İmam Əhməd, ən-Nəsəi və əl-Hakim rəvayət etmişlər ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz” ayəsi barədə demişdir: “Bu ayədə nəzərdə tutulanlar, Peyğəmbərlə ﷺ Məkkədən Mədinəyə hicrət edənlərdir”. (Əhməd, 3321; əl-Hakim, 3160. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir)
Doğru olan isə budur ki, bu ayə ümumi olub bütün ümmətə şamil edilir və hər nəslin bundan bir payı var. Bu ümmətin ən xeyirliləri isə Peyğəmbərin ﷺ göndərildiyi dövrdə yaşayanlardır, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlərdir. (Bu barədə Peyğəmbər ﷺ demişdir: “Ən xeyirli insanlar mənim dövrümdə yaşayan insanlardır. Sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlərdir”. (əl-Buxari, 2458, 2652) Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik” (“əl-Bəqərə”, 143), yəni seçilmiş bir ümmət etdik. İmam Əhməd, ət-Tirmizi, İbn Məcə və əl-Hakim Muaviyə ibn Heydədən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Siz yetmiş ümməti tamamlayırsınız. Siz onların ən xeyirlisi və Allah qatında ən hörmətli olanısınız”. (Əhməd, 20015, 20264; əl-Hakim, 6988. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir) Bu, məşhur bir hədisdir və ət-Tirmizi hədisin “həsən” olduğunu bildirmişdir. Muaz ibn Cəbəl və Əbu Səiddən də oxşar hədis rəvayət edilmişdir.
Bu ümmətin xeyir işlərdə üstünlüyə nail olması Peyğəmbərləri Muhəmmədin ﷺ sayəsindədir. Ona Allahın salavatı və salamı olsun! Çünki o, Allahın yaratdıqlarının ən şərəflisi, Allah qatında peyğəmbərlərin ən hörmətlisidir. Uca Allah onu əvvəlki peyğəmbərlərdən və rəsullardan heç birinə vermədiyi ən böyük və mükəmməl şəriətlə göndərmişdir. Onun yoluna və şəriətinə müvafiq olaraq edilən az bir əməl, digərlərinin çox əməlindən daha xeyirlidir. Necə ki İmam Əhməd Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Mənə digər peyğəmbərlərdən heç birində olmayan xüsusiyyətlər verilmişdir”. Biz “Ey Allahın Elçisi, bu xüsusiyyətlər hansılardır?” deyə soruşduq. Peyğəmbər ﷺ dedi: “Düşmənin qəlbinə Allah tərəfindən qorxu salınaraq ona qalib gəlməyim, yer üzünün xəzinələrinin açarlarının mənə verilməsi, Əhməd adlandırılmağım, torpağın mənim üçün təmizlənmə vasitəsi edilməsi və ümmətimin digər ümmətlər içində ən xeyirli olması”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir və isnadı həsəndir. (Əhməd, 763; əl-Beyhəqi “Sunənul-Kubra” 965, 1038. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3939).
İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir gecə biz Peyğəmbərin ﷺ yanında uzun-uzadı danışdıq. Ertəsi gün səhər Peyğəmbərin ﷺ yanına gəldikdə o bizə dedi: “Bu gecə peyğəmbərlər ümmətləri ilə birlikdə mənə göstərildi. Peyğəmbərlər önümdən keçməyə başladılar. Kimisinin yanında üç nəfər, kimisinin yanında bir dəstə, kimisinin yanında bir nəfər, kimisinin də yanında heç kim yox idi. Nəhayət, Musa qarşımdan keçdi. Onun yanında İsrail oğullarından ibarət böyük bir toplum vardı. Bu toplum mənim çox xoşuma gəldi və soruşdum: “Bunlar kimdir?” Mənə “Bu, qardaşın Musadır, yanındakılar isə İsrail oğullarıdır” deyildi. Mən yenə soruşdum: “Yaxşı, bəs mənim ümmətim haradadır?” Mənə “Sağına bax!” deyildi. Baxıb gördüm ki, alçaq dağlar insanlarla örtülmüşdür. Sonra mənə “Soluna bax!” deyildi. Baxıb gördüm ki, üfüq də insanlarla örtülmüşdür. Məndən soruşuldu: “Razı qaldınmı?” Mən dedim: “Ey Rəbbim, razı qaldım. Ey Rəbbim, razı qaldım”. Mənə deyildi: “Onların arasında yetmiş min nəfər var ki, onlar sorğu-sualsız Cənnətə girəcəklər”. Sonra Peyğəmbər ﷺ sözünə davam edərək buyurdu: “Atam, anam sizə fəda olsun, əgər bu yetmiş mindən ola bilsəniz, olun! Əgər bunlara çata bilməsəniz, o zaman alçaq dağlarda olanlardan olun! Yox əgər bunlara da çata bilməsəniz, o zaman heç olmasa üfüqdə olanlardan olun! Mən orada izdihamdan bir-birlərinə qarışmış insanlar gördüm”. Bu zaman Ukkaşə ibn Mihsan ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni o yetmiş mindən biri etsin!” Peyğəmbər ﷺ də onun üçün dua etdi. Bu zaman başqa bir kişi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni də onlardan etsin!” Peyğəmbər ﷺ dedi: “Ukkaşə bu işdə səni qabaqladı”. Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: “Sonra biz öz aramızda müzakirə edərək dedik: “Bu yetmiş minin kimlər olduğunu düşünürsünüz? Bəlkə, bunlar müsəlman olaraq doğulmuş və ölənə qədər Allaha heç nəyi şərik qoşmayanlardır?” Bizim bu müzakirəmiz Peyğəmbərə ﷺ çatdıqda o dedi: “Onlar müalicə məqsədilə bədəninə dağ basmayan, özlərinə ovsun oxunmasını tələb etməyən (Burada ovsun deyildikdə sehr, cadu-pitik deyil, əksinə, mübarək sözlərlə – Allahın Kəlamı və ya Peyğəmbərin ﷺ duaları vasitəsilə xəstəni müalicə etmək nəzərdə tutulur), hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etməyən  (Cahiliyyət dövründə ərəblərdən kimsə bir işi görmək istədikdə göyə baxar və göydə gördüyü quşun sağ tərəfə, yaxud sol tərəfə uçması ilə, görmək istədiyi işin uğurlu və ya uğursuz olacağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördükdə bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğursuzluq sayardılar. Aişə (Allah ondan razı olsun) bu cür etiqadın batil olduğunu bildirib demişdir: “Allahın Elçisi ﷺ mənimlə Şəvval ayında nikah bağlamış, habelə məni şəvval ayında öz evinə gətirmişdir...” Bundan başqa o vaxt ərəblər çərşənbə gününü, habelə Səfər ayını da uğursuz əlamət hesab edərdilər. Qeyd etmək lazımdır ki, bunların və bunlara bənzər inancların hamısı batildir...” (“əl-Qovlul-Mufid”, 1/ 103-104) və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”. (Əhməd, 3806. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir) Hədisin isnadı səhihdir. Hədisi bu şəkildə yalnız Əhməd rəvayət etmişdir, digər hədis kitablarının müəllifləri rəvayət etməmişlər.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Ümmətimdən yetmiş min nəfər hamısı birdən Cənnətə daxil olacaq. Onların üzü on dörd gecəlik ay kimi gözəl və parlaq olacaq”. Əbu Hureyra (Allah ondan razı olsun) dedi: “Bu zaman Ukkaşə ibn Mihsan əl-Əsədi qalxdı və üzərindəki bürüncəyi yuxarı qaldıraraq: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni onlardan etsin!” Peyğəmbər ﷺ dua edərək buyurdu: “Allahım, onu bu yetmiş mindən biri et!” Sonra ənsarlardan olan başqa bir adam ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, Allah dua et ki, məni də onlardan etsin”. Peyğəmbər ﷺ dedi: “Bu işdə Ukkaşə səni qabaqladı”. (əl-Buxari, 5364, 6542; Muslim, 542, 317).
Muslim “Səhih” əsərində Husayn ibn Abdur-Rahmənin (Husayn ibn Abdur-Rahmən (43-136 Hicri) tabiindir. Ənəs ibn Malik, Abdullah ibn Abbas (Allah onlardan razı olsun) kimi böyük səhabələrdən hədis eşitmişdir) belə dediyini rəvayət etmişdir: “Mən Səid ibn Cubeyrin yanında ikən o (bizdən) “Dünən gecə düşən ulduzu hansınız gördü?” deyə soruşdu. Dedim: “Mən gördüm”. Sonra dedim: “Lakin həmin vaxt mən namazda deyildim, məni əqrəb sancmışdı”. (Husayn ibn Abdur-Rahmən namazda olmadığını bildirməklə söhbətdə iştirak edənlərin onun namazda olmasını zənn edib onun barədə yüksək fikirdə olmalarının qarşısını almışdır. Çünki o etmədiyi bir işə görə təriflənməsini istəmirdi. Bu da sələflərin son dərəcə təvazökar və ixlaslı olmalarına dəlalət edir) O “Bəs səni əqrəb sancdığına görə nə etdin?” deyə soruşdu. Dedim: “Birisindən mənə ovsun oxumağını xahiş etdim”. O soruşdu: “Bunu etməyə səni sövq edən nə idi?” Dedim: “Şəbinin bizə rəvayət etdiyi bir hədis”. O soruşdu: “Şəbi sizə nə rəvayət etmişdir?” Dedim: “O bizə Bureydə ibn Husayb əl-Əsləminin belə rəvayət etdiyini xəbər vermişdir: “Yalnız göz dəymiş (Gözdəymə həqiqətdir və bir adam başqa birisini gözə gətirməsin deyə onda olan gözəl bir şeyi gördükdə ona “Mübarək olsun!”, “Allah xeyir versin! ”, “Xeyirli-bərəkətli olsun!” və başqa bu kimi gözəl sözlərlə onun üçün Allahdan xeyir diləsin) və ya (əqrəb və s. tərəfindən) sancılmış adamı müalicə etmək məqsədilə ovsun oxumaq olar (Rəvayət edilir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Peyğəmbərin ﷺ səhabələrindən bir dəstə səfərə yola düşdü. Nəhayət, onlar gəlib bədəvi qəbilələrindən birinə məxsus bir kənddə dayandılar. Səhabələr onların evində qonaq olmaq istədilər, lakin onlar səhabələri (yeməyə) qonaq etmək istəmədilər. Bu əsnada qəbilə başçısını əqrəb sancdı. Kənddəkilər ona əllərindən gələn köməyi göstərməyə çalışdılar, lakin bu cəhdlərin heç bir faydası olmadı. Onlardan bəzisi dedi: “Yaxşı olar ki, gedib (kəndimizə) təşrif buyurmuş adamlara müraciət edəsiniz, bəlkə, onlar nə isə edə bilərlər”. Onlar səhabələrin yanına gəlib dedilər: “Ay camaat! Qəbilə başçımızı əqrəb sancmışdır. Nə qədər çalışdıqsa, əlac tapa bilmədik. Bəlkə, sizdən biriniz bir şey edə bilərsiniz?” Səhabələrdən birisi dedi: “Bəli, vallahi ki, mən ruqya (ovsun) oxuya bilirəm. Vallahi, biz sizin qonağınız olmaq istədik, lakin siz bizi (yeməyə) qonaq etmədiniz. Elə buna görə də bizə zəhmət haqqı verməyincə, mən sizin (xəstəniz) üçün ruqya oxumayacağam”. Sonra onlar (müalicə müqabilində) səhabələrə bir sürü qoyun verəcəklərinə razılaşdılar. Bundan sonra o, qəbilə başçısının yanına gəlib onun yarasına yüngülcə tüpürdü və “əl-Fatihə” surəsini oxudu. Bir az keçdikdən sonra qəbilə başçısı sanki buxovdan azad oldu və xəstə deyilmiş kimi ayağa qalxıb gəzməyə başladı. Onlar səhabələrə razılaşdıqları zəhmət haqqını verdilər. Bu vaxt səhabələrdən biri “Qoyunları bölüşdürün!” dedi. Ruqya oxuyan səhabə isə “Peyğəmbərin ﷺ yanına gedib hadisəni ona danışmayınca və onun nə hökm verəcəyini öyrənməyincə, heç bir şey etməyin!” deyə etiraz etdi. Onlar Peyğəmbərin ﷺ yanına gəlib hadisəni ona danışdıqda, o soruşdu: “Sən haradan bilirdin ki, bu (əl-Fatihə), ruqyədir?” Sonra əlavə edib dedi: “Siz düz etmisiniz. Qoyunları bölüşdürün və özünüzlə yanaşı mənim üçün də bir pay ayırın”. Bunu deyəndən sonra Peyğəmbər ﷺ gülümsədi”. (əl-Buxari, 2115, 2276)”. (Səid ibn Cubeyr) dedi: “Eşitdiyi ilə kifayətlənən kimsə nə gözəl iş görmüşdür! Lakin İbn Abbas rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Ümmətlər mənə göstərildi. Mən peyğəmbər gördüm, yanında bir toplum adam var idi. Başqa bir peyğəmbər gördüm, yanında bir və ya iki adam var idi. Hətta elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. Həmin vaxt mənə böyük bir qaraltı göstərildi. Mən onların ümmətim olduğunu zənn etdim. Mənə “Bu, Musa və onun qövmüdür. Sən üfüqə doğru bax” deyildi. Mən (dərhal ora) baxdım və orada böyük bir qaraltı gördüm. Mənə yenə “Üfüqün digər tərəfinə bax!” deyildi. Mən daha əzəmətli bir qaraltı gördüm. Mənə “Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sual olunmadan və əzab çəkmədən Cənnətə girəcəklər” deyildi”.
Bunu deyəndən sonra Peyğəmbər ﷺ qalxıb evinə daxil oldu. Camaat sorğu-suala çəkilmədən və əzab olunmadan Cənnətə girəcək o kimsələr barədə ixtilafa düşdü. Bəziləri “Yəqin ki, bunlar Peyğəmbərə ﷺ yoldaş olmuş səhabələrdir” dedilər. Bəziləri də “Ola bilsin ki, bunlar İslam dini gəldikdən sonra müsəlman olaraq doğulmuş və ölənə qədər Allaha şərik qoşmamış kimsələrdir” dedilər. Beləcə, onlar bir çox şeylər zikr etdilər. Bu vaxt Peyğəmbər ﷺ bayıra çıxdı və “Nə haqda mübahisə edirsiniz?” deyə soruşdu. Səhabələr mübahisə etdikləri məsələ barədə ona xəbər verdilər. Onda Peyğəmbər ﷺ buyurdu: “Bunlar ovsun oxumayan, (Bu ləfz ravinin xətasıdır. əl-Buxarinin rəvayətində bu ləfz işlənməyib, onun əvəzinə “müalicə məqsədilə bədəninə dağ basmayan” gəlmişdir. Çünki Peyğəmbər ﷺ həm özünə, həm də başqalarına ruqya edərdi, habelə həm Cəbrail, həm də Aişə (Allah ondan razı olsun) ona ruqya edərdilər, həmçinin səhabələr də ruqya edərdi. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ xəstələndikdə şərdən qoruyan surələri (“əl-İxlas”, “əl-Fələq” və “ən-Nas” surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şiddətləndikdə isə mən bu surələrin bərəkətini (Allahdan) umaraq onları onun üçün oxuyub əllərimi bədəninə sürtərdim” (“əl-Buxari”, 5016); Digər rəvayətdə Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora “əl-İxlas”, “əl-Fələq” və “ən-Nas” surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o bunu üç dəfə təkrar edərdi” (əl-Buxari, 4630, 5017); Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ənsardan olan bir ailəyə zəhərli heyvan sancmasını və qulaq ağrısını müalicə etmək üçün ruqya oxumağa izin vermişdir” (əl-Buxari, 5280, 5719); Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ mənə (və ya qeyrisinə) gözdəyməyə qarşı ruqya oxumağı buyurdu”. (əl-Buxari, 5297, 5738); Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər ﷺ onun evində üzünün rəngi dəyişmiş bir qız uşağı görüb dedi: “Bu qızcığaza ruqya oxuyun, çünki ona göz dəyib”. (əl-Buxari, 5298, 5739) özlərinə ovsun oxunmasını tələb etməyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etməyən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”. Bu vaxt Ukkaşə ibn Mihsan ayağa qalxıb dedi: “Ey Allahın Elçisi! Allaha dua et, məni onlardan etsin!” Peyğəmbər ﷺ “Sən onlardansan!” dedi. Sonra başqa bir adam ayağa qalxıb “Ey Allahın Elçisi! Allaha dua et, məni onlardan etsin!” dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu xüsusda Ukkaşə səni qabaqladı”. Hədisi əl-Buxari də rəvayət etmişdir. (Muslim, 349, 523; əl-Buxari, 5311, 5752).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bizə belə buyurdu: “Siz Cənnət əhlinin dörddə biri olmağınıza razı deyilsinizmi?!” Bunu eşidəndə biz “Allahu Əkbər!” dedik. Sonra o buyurdu: “Cənnət əhlinin üçdə biri olmağınıza razı deyilsinizmi?!” Biz yenə “Allahu Əkbər!” dedik. Sonra o belə buyurdu: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm”. (əl-Buxari, 6151, 6642; Muslim, 325, 552).
Abdur-Razzəq Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Biz zaman baxımından sonuncu, Qiyamət günü isə birinci (Axirətdə bu ümmətin hamıdan əvvəl Sirat körpüsündən keçib Cənnətə daxil olacağı qəsd edilir) olacağıq. Hərçənd onlara (Burada yəhudilər və xristianlar nəzərdə tutulur) Kitab bizdən əvvəl, bizə isə onlardan sonra verilmişdir, lakin biz Cənnətə ilk girənlər olacağıq. Allah bizi onların ixtilafa düşdükləri məsələlərdə haqqa yönəltdi. Onlar özlərinə fərz buyrulmuş bu günlər barəsində ixtilafa düşdülər. (Allah Kitab əhlinə cümə gününü ehtiramla keçirməyi vacib buyurmuş, onlar isə bu xüsusda fikir ayrılığına düşüb asi olmuşlar) Lakin Allah bizi bu günü ehtiramla keçirməyə müvəffəq etdi və bu xüsusda insanlar bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü (yəni şənbə gününü), xristianlar isə ondan sonrakı günü (yəni bazar gününü) təntənə ilə qeyd edirlər”. (ən-Nəsəi “Sunənul-Kubra” 1653, 1665) Oxşar hədisi əl-Buxari və Muslim Peyğəmbərdən rəvayət etmişlər. (Muslim, 1413, 2017)
Bütün bu hədislər Uca Allahın “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz” ayəsini açıqlayır. Bu ümmətdən bu xüsusiyyətləri daşıyan hər kəs bu tərifə daxildir. Bu xüsusiyyətləri daşımayanlar isə Uca Allahın barələrində “Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (“əl-Maidə”, 79) deməklə məzəmmət etdiyi Kitab əhlinə bənzəyir. Bu səbəbdən Uca Allah bu ümməti həmin xüsusiyyətlərlə təriflədikdən sonra Kitab əhlini məzəmmət edərək buyurur: “Kitab əhli də” Muhəmmədə nazil olana “iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir”, yəni onların içərisində Allaha, sizə və özlərinə nazil olanlara iman gətirənlər çox azdır. Onların əksəriyyəti küfr, günah və asilik edən azğınlardır.
Sonra Uca Allah mömin qullarını müjdələyərək onlara kafir və inkarçı Kitab əhli üzərində zəfər çalacaqlarını xəbər verir və buyurur: “Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz”. Həqiqətən, belə də oldu. Xeybər günü Allah onları rəzil etdi və alçaltdı. Daha əvvəl isə Mədinə yəhudilərindən Bənu Qeynuqa, Bənu Nadir və Bənu Qureyzə qəbilələrini bütünlüklə rəzil etmişdi. Şamdakı xristianların da vəziyyəti belədir. Səhabələr bir çox döyüşlərdə onları məğlub etmişlər və Şam hökmranlığını həmişəlik onlardan almışlar. İsa (ona salam olsun) nazil olana qədər Şam diyarlarında İslam hakim, xristianlar isə rəzil və alçaq olaraq qalacaqdır. İsa (ona salam olsun) nazil olduqda isə Muhəmmədin ﷺ şəriəti ilə hökm verəcək, xaçı sındıracaq, donuzları öldürəcək, cizyəni ləğv edəcək və İslamdan başqa din qəbul etməyəcək.
Sonra Uca Allah buyurur: “Harada olurlarsa olsunlar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya insanların ipinə sarılan kimsələr müstəsnadır”, yəni Allah onlara zillət və alçaqlığı vacib etmişdir. Harada olursa olsunlar, bundan xilas ola bilməzlər. “Yalnız Allahın ipinə”, yəni Allahla bağlanan əhdə sarılan kimsələr müstəsnadır. Allahla bağlanan əhd dedikdə, üzərlərinə cizyə vergisi qoyulmaqla bu dinin hökmlərinə tabe olmaları nəzərdə tutulur. “...Və ya insanların ipinə sarılan kimsələr müstəsnadır”, yəni insanların onlarla müqavilə bağlayaraq onlara əmin-amanlıq bəxş etməsi istisnadır. Necə ki müsəlmanlardan hər hansı birinin müsəlmanlarla aralarında sülh müqaviləsi və ya əhd bağlanmış, yaxud əsir alınmış kafirlərdən birini himayəsi altına götürməsi icazəlidir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni Allahla və ya insanlarla bağladıqları əhdə sığınanlar müstəsnadır”. Mucahid, İkrimə və başqaları da belə demişlər.
Uca Allah buyurur: “Onlar Allahın qəzəbinə uğramış”, yəni Allahın qəzəbinə uğradılar və buna layiq oldular. “...onlara yoxsulluq üz vermişdir”, yəni yoxsulluq onlara həm ilahi qanun, həm də qədər baxımından vacib edilmişdir. “Bu cəza ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər”, yəni onları belə davranmağa vadar edən təkəbbürlükləri, azğınlıqları və həsəd aparmaları olmuşdur. Uca Allah da bunun qarşılığında onları Axirət zilləti ilə birlikdə əbədi rəzillik, alçaqlıq və kasıblıqla cəzalandırmışdır. Sonra Uca Allah buyurur: “Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aşmışlar”, yəni onları Allahın ayələrini inkar etməyə, peyğəmbərlərini öldürməyə və onlar üçün təqdir edilən hala düşməyə sürükləyən səbəb Allahın əmrlərinə çox asi olmaları, Allahın haramlarına bulaşmaları və Allahın dinində həddi aşmaları olmuşdur. Bu hala düşməkdən Allaha sığınırıq və bu hala düşməmək üçün Allahdan yardım diləyirik.
 
Ali-İmran, 113-117
لَيْسُوا سَوَاءً مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ * يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَئِكَ مِنَ الصَّالِحِينَ * وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ يُكْفَرُوهُ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ * إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ * مَثَلُ مَا يُنْفِقُونَ فِي هَذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ إِنْ كُنْتُمْ تَعْقِلُونَ
113. Onların hamısı eyni deyil. Kitab əhli içərisində dinində sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.
114. Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar.
115. Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz. Allah müttəqiləri yaxşı tanıyır.
116. Kafirlərin nə malları, nə də övladları, onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
117. Onların bu dünya həyatında sərf etdiklərinin misalı, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

 
İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbər ﷺ İşa namazını gecikdirdi, sonra məscidə gəldi və namazı gözləyənlərə belə dedi: “Sizdən başqa bütün dinlərin təmsilçiləri arasında gecənin bu saatında Allahı yad edən bir kimsə tapılmaz”. Uca Allah da “Onların hamısı eyni deyil. Kitab əhli içərisində dinində sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar...” ayəsindən “Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz. Allah müttəqiləri yaxşı tanıyır” ayəsinə qədər nazil etdi”. (əl-Musnəd (3760). İsnadı səhihdir. Həmçinin ət-Tabəri rəvayət etmişdir (7661, 7662). əz-Zəvaid kitabında (1/312) hədis, həmçinin Əbu Yalə, əl-Bəzzər və ət-Tabəraniyə nisbət olunur. (Əhməd Şakir). Əhməd, 3760; İbn Hibban, 1530; ən-Nəsəi “Sunənul-Kubra” 11007, 11073; Əbu Yəalə, 5306; ət-Tabəri, 4/55. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişlər)
Bir çox təfsir alimlərinin, o cümlədən İbn İshaq və başqalarının qeyd etdikləri kimi, habelə əl-Əufinin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyinə görə, bu ayələr Abdullah ibn Səlam, Əsəd ibn Ubeyd, Sələbə ibn Səyə və digər Kitab əhlinin alimlərindən iman gətirənlər barədə nazil olmuşdur. Bu səbəbdən ayə belə başa düşülməlidir: “Daha əvvəlki ayələrdə məzəmmət olunan Kitab əhli ilə bu iman gətirənlər, əlbəttə, eyni deyillər”. Bu səbəbdən Uca Allah “Onların hamısı eyni deyil” buyurur. Yəni hamısı eyni səviyyədə deyillər. Əksinə, onların arasında iman gətirənlər də, günahkarlar da var. Sonra buyurur: “Kitab əhli içərisində dinində sabitqədəm bir toplum vardır”, yəni Allahın əmrlərini yerinə yetirən, Allahın şəriətinə itaət edən, Allahın peyğəmbərinə tabe olan “sabitqədəm bir toplum”, yəni doğru yolda olanlar vardır. “Onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar”, yəni onlar gecələr qalxıb təhəccüd namazı qılarlar və namazlarında Allahın ayələrini oxuyarlar. “Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar”. Surənin son ayələrində “Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”. (“Ali-İmran”, 199) deyilməklə zikr edilənlər də məhz bunlardır. Burada isə belə buyurulur: “Etdiyiniz yaxşılıqların heç biri inkar edilməz”, yəni etdiyiniz xeyir əməllər Allah qatında puç olmaz. Əksinə, Allah sizi ən gözəl şəkildə mükafatlandıracaqdır. (Quran qiraətçilərindən Hafs, Həmzə, əl-Kisəi, Xaləf və əl-Aməş bu ayəni { وَمأ يَفْعَلُوا مِن خَيْرٍ فَلَنْ يُكْفَرُوه  } [va mə: yəfalu min xayrin fələn yukfəru:h] “Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz” kimi oxumuşlar. Yəni ayədə gələn يَفْعَلُوا  [yəfalu] “onların etdikləri yaxşılıqlar” vəيُكْفَرُوه  [yukfəru:h] “inkar edilməz” feillərini III şəxsdə oxumuşlar. Yerdə qalan on dörd qari ayəni { وَمأ تَفْعَلُوا مِن خَيْرٍ فَلَنْ تُكْفَرُوه } [va mə: təfalu min xayrin fələn tukfəru:h] “Etdiyiniz yaxşılıqların heç biri inkar edilməz” kimi oxumuşlar. Yəni ayədə gələn feilləri II şəxsdə oxumuşlar. Başlıqda gələn ayəni əlimizdəki Quran kitabına uyğun olaraq III şəxsdə vermişik. Təfsir əsnasında isə əlyazmaya uyğun olaraq II şəxsdə vermişik. Həmçinin İbn Kəsirin ayənin təfsirində “…sizi ən gözəl şəkildə mükafatlandıracaq” deməsi dəlalət edir ki, o da bu qiraəti seçmişdir. Kitabın digər çap olunmuş nüsxələri İbn Kəsirin sözünü “…onları ən gözəl şəkildə mükafatlandıracaq” kimi vermişdir. (Əhməd Şakir). “Allah müttəqiləri yaxşı tanıyır”, yəni yaxşı iş görənlərin əməlləri Allaha gizli qalmaz və Onun qatında gözəl əməl sahiblərinin mükafatı heç vaxt itməz.
Sonra Uca Allah Ona şərik qoşan kafirlərdən xəbər verərək buyurur: “Kafirlərin nə malları, nə də övladları, onlara Allah yanında heç bir şeydə fayda verə bilməz”, yəni Allah onlara əzab vermək istəsə, heç kəs Allahın əzabını onlardan geri çevirə bilməz. “Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar”.
Sonra Uca Allah kafirlərin bu dünyada xərclədiklərinə misal çəkərək belə buyurur: “Onların bu dünya həyatında sərf etdiklərinin misalı özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir”. İbn Abbas, İkrimə, Səid ibn Cubeyr və başqaları ayədəki صِرٌّ [sirrun] sözünün “şiddətli soyuq” mənasında olduğunu demişlər. İbn Abbas və Mucahid bu sözü həmçinin “od” kimi də təfsir etmişlər. Bu təfsir birinci ilə eynidir, çünki atəşin əşyanı yandırdığı kimi, şiddətli soyuq, xüsusilə də şaxta əkini və meyvələri yandırır. “Özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir” bu şiddətli soyuq biçim mövsümü gələn əkinlərə endiyində onları məhv edər, məhsulları yox edər və ən çox ehtiyac duyduğu bir vaxtda sahibi ondan məhrum olar. Kafirlərin halı da belədir. Allah bu əkinləri və meyvələri günahları səbəbi ilə sahibinin əlindən aldığı kimi, kafirlərin bu dünyadakı əməllərinin savabını və bəhrəsini də yox edər. Beləcə, bu kafirlər də dünyalarını əsassız və bünövrəsiz qurarlar. “Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”.
 
Ali-İmran, 118-120
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ إِنْ كُنْتُمْ تَعْقِلُونَ * هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُوا بِغَيْظِكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ * إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
118. Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. Çünki onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
119. Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz nazil olmuş kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda “Biz də, iman gətirdik!” deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.
120. Sizə bir uğur nəsib olduqda bu onları kədərləndirir, sizə bir fəlakət üz verdikdə isə ona sevinirlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır.

 
Uca Allah bu ayədə mömin qullarına münafiqləri sirdaş tutmağı, yəni sirlərini onlara açacaq dərəcədə və düşmənlərinə qarşı ürəklərində gizlədiklərini onlara bildirəcək dərəcədə yaxın buraxmağı qadağan etmişdir. Çünki münafiqlər möminləri çaşdırmaq üçün güclərini əsirgəməzlər. Yəni möminlərə zərər vermək, onlara qarşı hiylə işlədib onları aldatmaq üçün mümkün olan hər şeyi edərlər və möminlərin çətinliyə düşüb sıxıntı keçirmələrini arzulayarlar.
Uca Allah buyurur: “Sizdən olmayanları özünüzə sirdaş tutmayın”, yəni sizdən başqalarını - digər dinlərə mənsub olanları özünüzə sirdaş tutmayın. Bir insanın sirdaşı ona şəxsən yaxın olub, etdiyi hər bir işin mahiyyətini bilənə deyilir. əl-Buxari, ən-Nəsəi və başqaları Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Allahın göndərdiyi elə bir peyğəmbər və ya peyğəmbərlərin özündən sonra qoyduqları elə bir xəlifə yoxdur ki, onun iki növ sirdaşı olmasın. Biri ona yaxşılıq etməyi məsləhət görər və onu bu işə təşviq edər, digəri isə ona pislik etməyi məsləhət görər və onu bu işə təşviq edər. Yalnız Allahın qoruduğu kimsə onların şərindən qoruna bilər”. (əl-Buxari, 6659, 7198) ən-Nəsəi oxşar hədisi Əbu Hureyradan, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir. (Əbu Səidin (Allah ondan razı olsun) hədisi əl-Buxarinin “Səhih” əsərindədir (13/163-165 Fəthul-Bari). Həmçinin bu hədisi Əhməd “əl-Musnəd” əsərində rəvayət etmişdir (11362, 11857). Əbu Hureyranın (Allah ondan razı olsun) hədisi isə “əl-Musnəd” əsərindədir (7238, 7884). əl-Buxari bu hədisi Əbu Səidin hədisindən sonra muallaq olaraq (isnadın əvvəlini pozmaqla) qeyd etmişdir. Əbu Hureyranın hədisində əlavə olaraq bu cümlə var: “Hansı üstün gəlsə, xəlifə ona tabe olar”. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 4202, 4219. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2297) İbn Əbu Hatim rəvayət etmişdir ki, Ömər ibn əl-Xattaba (Allah ondan razı olsun) deyildi: “Burada Hira xalqından hafizəsi güclü olan və yaxşı yazı yazmağı bacaran (nəsrani) bir oğlan uşağı var, bəlkə, onu özünə katib seçəsən?”. Ömər dedi: “Əgər belə etsəm, o zaman möminlərdən qeyrisini sirdaş tutmuş olaram”. (İbn Əbu Hatim, 4038) Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan bu hədis və bu ayə dəlalət edir ki, zimmi kafirlərin (Zimmi kafir – müqavilə bağlanmaqla İslam ölkələrində yaşayan xristian, yəhudi və başqaları kimi, Kitab əhlindən olan kafirlərə deyilir. Müqaviləyə əsasən qeyri müsəlmanlar İslam qanunlarına tabe olmaq şərtilə müsəlmanlara cizyə (can vergisi) verirlər. Bunun qarşılığında isə onlara İslam torpaqlarında yaşamağa icazə verilir, habelə malları, canları, ismətləri, dini etiqadları qorunur və xarici hücumlara qarşı İslam dövləti tərəfindən müdafiə olunurlar) katib vəzifəsinə təyin edilməsi icazəli deyil, çünki onlar bu vəzifəyə təyin edilməklə müsəlmanlardan üstün tutulmuş olurlar. Həmçinin müsəlmanların daxili işlərindən xəbərdar olurlar və bu sirləri müsəlmanlarla döyüşən kafir düşmənlərə açmaq təhlükəsi yaranır. Bu səbəbdən Uca Allah “Çünki onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər” buyurur.
Əbu Yəalə əl-Əzhər ibn Raşiddən rəvayət etmişdir ki, insanlar Ənəsin (Allah ondan razı olsun) yanına gəlib ona sual verərdilər. Ənəs onlara başa düşmədikləri hədis rəvayət etdikdə insanlar əl-Həsən əl-Bəsrinin yanına gələrdilər və o, başa düşmədikləri hədisi onlara açıqlayardı. əl-Əzhəra ibn Raşid demişdir: “Bir gün Ənəs (Allah ondan razı olsun) insanlara Peyğəmbərin ﷺ belə dediyini rəvayət etdi: “Müşriklərin atəşi ilə işıqlanmayın və üzüklərinizə ərəbcə naxış vurmayın”. Hədisi eşidənlər onun mənasını başa düşmədilər və yenə əl-Həsən əl-Bəsrinin yanına gəlib dedilər: “Ənəs bizə Peyğəmbərin belə dediyini rəvayət etdi: “Müşriklərin atəşi ilə işıqlanmayın və üzüklərinizə ərəbcə naxış vurmayın”. Bunun mənası nədir?” əl-Həsən əl-Bəsri dedi: “Peyğəmbərin ﷺ “Üzüklərinizə ərəbcə naxış vurmayın” sözü, yəni üzüklərinizin üzərinə Muhəmməd ﷺ yazdırmayın. Peyğəmbərin ﷺ “Müşriklərin atəşi ilə işıqlanmayın” sözünə gəlincə isə, yəni işlərinizdə müşriklərdən məsləhət almayın”. Sonra əl-Həsən əl-Bəsri dedi: “Allahın Kitabındakı “Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın” ayəsi bunun təsdiqidir”. (əl-Beyhəqi “Şuabul-İman” 8930; ən-Nəsəi “Sunən” 5209; Əhməd, 11972. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4781) Əbu Yəalə belə rəvayət etmişdir. Eyni hədisi Əhməd və ən-Nəsəi də rəvayət etmişlər. Lakin əl-Həsən əl-Bəsrinin hədisə verdiyi şərhi zikr etməmişlər. (Hədisi, həmçinin ət-Tabəri əl-Həsənin təfsiri ilə birlikdə rəvayət etmişdir (7685). İmam Əhmədin rəvayəti “əl-Musnəd” əsərindədir (11978). əl-Buxari “əl-Kəbir” əsərində (1/1/455) əl-Həsənin sözünü zikr etmədən rəvayət etmişdir. (Əhməd Şakir).
əl-Həsən əl-Bəsrinin hədisi belə şərh etməsi şübhəlidir. Hədisin mənası aydındır. “Üzüklərinizə ərəbcə naxış vurmayın” cümləsinin mənası “Peyğəmbərin ﷺ üzüyünün naxışına bənzəməməsi üçün üzüklərinizə ərəbcə yazı yazdırmayın” deməkdir. Çünki Peyğəmbərin ﷺ üzüyündə مُحَمَّدٌ رَسُولُ الله [Muhəmmədun rasu:lullah] “Muhəmməd Allahın Elçisidir” yazılmışdı. Bu səbəbdən səhih bir hədisdə rəvayət olunur ki, Peyğəmbər ﷺ kiminsə eyni yazını üzüyə yazdırmasını qadağan etmişdir. Müşriklərin atəşi ilə işıqlanmaya gəlincə isə bunun mənası belədir: “Müşriklərin yaşadığı ölkələrdə onlarla birlikdə yaşamaqla evlərinizi onlara yaxın etməyin. Əksinə, onlardan uzaqlaşın və ölkələrini tərk edin”. Bu hədisə əl-Həsən əl-Bəsrinin dediyi mənanı verərək ayənin buna dəlil gətirilməsi şübhəlidir. Ən doğrusunu Allah bilir.
Sonra Uca Allah buyurur: “Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür”, yəni üzlərində və düşünmədən dillərindən tökülən sözlərində düşmənçilikləri aydın görünür. Bununla yanaşı, qəlbləri də İslam və müsəlmanlara qarşı kin-küdurətlə doludur. Onların bu halları, ağıllı və dərrakəli insanlara, əlbəttə ki, gizli deyil. Bu səbəbdən Uca Allah “Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz” buyurur. Yəni siz, ey möminlər, iman gətirdiklərini sizə büruzə verdikləri üçün münafiqləri sevirsiniz. Halbuki onlar sizi nə zahirdə, nə də daxildə sevmirlər. “Siz nazil olmuş kitabların hamısına inanırsınız”, yəni Kitablar barədə sizin heç bir şübhəniz və tərəddüdünüz yoxdur. Halbuki onlar şübhə, tərəddüd və çaşqınlıq içərisindədirlər. Rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Siz nazil olmuş kitabların hamısına inanırsınız” ayəsini təfsir edərək demişdir: “Yəni siz öz Kitabınıza da, onların Kitabına da, ondan əvvəl nazil olan kitablara da inanırsınız. Onlar isə sizin Kitabınızı inkar edirlər. Onların sizə nifrət bəsləmələrindən daha çox siz onlara nifrət bəsləməyə haqlısınız”. Bunu İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 7695, 7731).
“Onlar sizinlə rastlaşanda “Biz də iman gətirdik!” deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər”. Ayədə keçən الأَنَامِلُ [əl-ənə:milu] sözü “barmaqların ucu” deməkdir. “Barmaqlar” mənasında olduğu da deyilmişdir.
Bu, münafiqlərin halıdır. Onlar möminlərə zahirən iman və sevgi göstərirlər. Daxilləri isə hərtərəfli bunun əksidir. Necə ki Uca Allah buyurur: “Təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər”. Bu, qəzəb və kinin ən şiddətli dərəcəsidir. Uca Allah ayənin ardınca buyurur: “De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir”, yəni imanlarından ötrü möminlərə nə qədər həsəd aparsanız da, bu hal sizi nə qədər qəzəbləndirsə də, bilin ki, Allah Öz nemətini mömin qullarına tamamlayacaq, dinini kamil edəcək, Öz sözünü ucaldacaq və dinini üstün edəcək, siz isə qəzəbinizdən gəbərin! “Şübhəsiz ki, Allah kökslərdə olanları bilir”, yəni Allah kökslərinizin və qəlblərinizin möminlərə bəslədiyi və gizlətdiyi qəzəb, həsəd və düşmənçiliyi yaxşı bilir. Uca Allah buna görə sizi cəzalandıracaq. Cəzanız, Allahın sizə dünyada ümid etdiklərinizin əksini göstərmək, Axirətdə isə əbədi qalacağınız və çıxa bilməyəcəyiniz şiddətli Cəhənnəm əzabı olacaq.
Sonra Uca Allah buyurur: “Sizə bir uğur nəsib olduqda bu onları kədərləndirir, sizə bir fəlakət üz verdikdə isə ona sevinirlər”. Bu hal onların möminlərə qarşı ədavətinin şiddətli olmasına dəlalət edir. Belə ki möminlərə bir bolluq, bir zəfər, bir yardım gəlsə, köməkçiləri artıb qüvvətlənsə, bu münafiqləri kədərləndirər. Lakin Allahın hikməti ilə müsəlmanlara qıtlıq üz verərsə və ya Uhud döyüşündə baş verdiyi kimi, düşmənləri onlara qalib gələrsə, münafiqlər buna sevinərlər. Uca Allah mömin qullarına xitab edərək belə buyurur: “Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır”. Uca Allah möminləri səbir etməklə, Allahdan qorxmaqla, Ona təvəkkül etməklə şər adamların şərindən və günahkarların hiylələrindən qurtuluşa yönəldir. Allah möminlərin düşmənlərini əhatə etmişdir. Möminlərin gücü və qüvvəti yalnız Allah sayəsindədir. Allahın istədiyi baş verər, istəmədiyi isə baş verməz. Onun təqdiri və istəyi olmadan heç bir şey baş verməz. Kim Ona təvəkkül edərsə, Allah ona yetər.
Sonra Uca Allah Uhud döyüşünü qeyd edib orada mömin qullarını necə imtahana çəkməsini, möminlərlə münafiqləri bir-birindən ayırmasını və səbir edənlərin səbrini bəyan etməyə başlayaraq belə buyurur:
 
Ali-İmran, 121-123
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ * إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ * وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
121. Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir!
122. O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
123. Siz zəif olduğunuz halda Allah Bədrdə sizə yardım etdi. Elə isə
Allahdan qorxun ki, bəlkə, şükür edəsiniz.

 
Əksər alimlərin rəyinə görə, bu ayədə Uhud döyüşündən bəhs edilir. Bunu İbn Abbas, əl-Həsən, Qatədə, əs-Suddi və başqaları demişlər. İbn Cərir əl-Həsən əl-Bəsridən rəvayət etmişdir ki, ayədə Əhzab (Xəndək) döyüşündən bəhs edilir. Lakin bu rəy qəribədir və ona etimad edilə bilməz. Uhud döyüşü hicrətin üçüncü ilinin Şəvval ayında şənbə günü baş vermişdir. (İbn Kəsir Uhud döyüşünün başvermə tarixi barədə iki rəy qeyd etmişdir. Birincisi, 11 Şəvval, digəri isə 15 Şəvval. “ət-Təvfiqat əl-İlhəmiyyə” əsərində Uhud döyüşünün hicrətin üçüncü ilində Şəvval ayının əvvəli baş verdiyi bildirilir. Beləliklə, şənbə günü Şəvvalın on dördü olur. Uhud döyüşü barədə ətraflı məlumat üçün İbn Kəsirin ”əl-Bidəyə vən-Nihəyə” əsərinə (4/9-61) bax. (Əhməd Şakir) Uhud döyüşünün başvermə səbəbi belədir: Bədr döyüşündə müşriklərin adlı-sanlı adamlarından bir çoxu öldürüldü, lakin Əbu Süfyanın yanında olan ticarət karvanı xilas oldu. Karvan Məkkəyə qayıtdıqda Bədr döyüşündə öldürülənlərin oğulları və qalan Məkkə böyükləri Əbu Süfyana “Bu malları Muhəmmədlə döyüşmək üçün ayır” dedilər. Beləcə, malları bu işə sərf etdilər və müxtəlif qəbilələrdən ibarət bir ordu yığdılar. Sayları üç minə yaxın idi. Nəhayət, onlar Mədinə istiqamətində Uhud yaxınlığında bir yerdə düşərgə saldılar. Peyğəmbər ﷺ cümə günü namazdan sonra Bənu Nəccar qəbiləsindən Malik ibn Amra cənazə namazı qıldı və sonra səhabələri ilə məşvərət etdi: “Düşməni Mədinədən kənarda qarşılayaq, yoxsa Mədinədə qalaq?” Abdullah ibn Ubey Mədinədə qalmağı təklif etdi və dedi: “Əgər müşriklər qaldıqları yerdə qalsalar, pis bir yerdə qalmış olacaqlar. Mədinəyə girməyə cəhd etsələr, kişilər onlarla üz-üzə vuruşacaq, qadınlar və uşaqlar isə başlarına daş yağdıracaqlar. Beləcə, məğlub olmuş halda geri dönəcəklər”. Bədr döyüşündə iştirak etməmiş səhabələr isə düşmənlə Mədinədən kənarda qarşılaşmağı məsləhət gördülər. Peyğəmbər ﷺ evinə getdi, zirehini geyinib onların yanına qayıtdı. Bu arada düşmənlə Mədinədən kənarda qarşılaşmağı məsləhət görən səhabələrdən bəziləri peşman oldular və öz aralarında dedilər: “Bəlkə, biz Peyğəmbəri buna məcbur etdik”. Peyğəmbər ﷺ gəldikdən sonra dedilər: “Ey Allahın Elçisi, istəsən, Mədinədə qalarıq”. Peyğəmbər ﷺ dedi: “Heç bir peyğəmbərə zirehini geyindikdən sonra Allah onun barədə hökm verməyənə qədər fikrindən dönmək yaraşmaz”. Beləliklə, Peyğəmbər ﷺ min nəfər səhabəsi ilə yola çıxdı. əş-Şəut (Mədinə ilə Uhud arasında bir yerdir) adlanan yerə çatdıqda Abdullah ibn Ubey onun dediyini etmədikləri üçün qəzəbləndiyini bəhanə gətirərək ordunun üçdə biri ilə geri döndü. O və yoldaşları belə deyirdilər: “Bu gün döyüş olacağını bilsəydik, sizin ardınızca gedərdik, lakin bu gün onlarla döyüşəcəyinizi sanmırıq”. Peyğəmbər ﷺ isə yerdə qalan ordu ilə getməyə davam etdi və Uhud dağının yanında bir dərəyə çatdı. Vadinin bir kənarında düşərgə saldı və əsgərlərinin arxasını Uhud dağına çevirib dedi: “Mən əmr verməyənə qədər heç kəs döyüşə atılmasın”. Peyğəmbər ﷺ yeddi yüz səhabəsi ilə döyüşə hazırlaşdı. Əlli oxçu ayırdı və onlara Bənu Amr ibn Auf qəbiləsindən olan Abdullah ibn Cubeyri başçı təyin etdi və dedi: “Atlıları (oxlarınızla) bizdən uzaqlaşdırın ki, sizi keçib bizə çata bilməsinlər. Döyüşün bizim xeyrimizə və ya əleyhimizə olduğunu görsəniz belə, yerlərinizdən ayrılmayın. Quşların cəsədlərimizi dimdikləyib yediyini görsəniz belə, yerinizdən ayrılmayın!” Peyğəmbər ﷺ bu döyüşdə üst-üstə iki zireh geyinmişdi və bayrağı Bənu Abduddar qəbiləsindən olan Musab ibn Umeyrə vermişdi. Peyğəmbər ﷺ bəzi uşaqların bu döyüşdə iştirak etməsinə icazə vermiş, bəzilərinə isə icazə verməmişdi. İcazə vermədiklərinə isə bu hadisədən təxminən iki il sonra baş vermiş Xəndək döyüşündə icazə verdi. Qureyş bu döyüşə üç min adamla hazırlaşmışdı. Yüz atlı dəstəni kənarda saxlamışdılar. Atlı dəstənin sağ cinahına Xalid ibn əl-Valid, sol cinahına isə İkrimə ibn Əbu Cəhl başçılıq edirdi. Bayrağı isə Bənu Abduddər qəbiləsinə vermişdilər. (İbn İshaq “əs-Sira” 3/304-305) İki dəstə arasında baş verənlərin təfsilatı Allahın izni ilə bu döyüşlə əlaqəli ayələrin təfsirində gələcəkdir.
Uca Allah buyurur: “Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin”, yəni bir zaman sən möminləri döyüş üçün dayanacaqları yerdə yerləşdirmək üçün onlara yerlərini bildirmək, ordunun sağ və sol cinahlarında sənin əmr etdiyin yerlərdə dayanmaları üçün evindən erkən vaxtda ayrılmışdın. “Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!”, yəni Allah o zaman sizin dediklərinizi yaxşı eşidir və qəlblərinizdən keçənləri yaxşı bilirdi.
İbn Cərir burada belə bir sualın ortaya çıxdığını bildirmişdir: “Peyğəmbərin ﷺ Uhuda cümə günü namazdan sonra getdiyini necə deyirlər? Halbuki Uca Allah ayədə “Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin” buyurur”. Sonra bu suala özü belə cavab vermişdir: “Peyğəmbərin ﷺ səhabələrini döyüş mövqelərinə yerləşdirmək üçün çıxması şənbə günü səhər olmuşdur”. (ət-Tabəri, 7715, 7752)
Uca Allah buyurur: “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər”. əl-Buxari rəvayət etmişdir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Uca Allahın “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı idi” ayəsi bizim Sələmə və Hərisə oğullarından ibarət iki dəstə barəsində nazil olmuşdur. Uca Allahın “Allah isə onların yardımçısı idi” sözü olmasaydı, bu ayənin bizim barəmizdə endirilmiş olmasını istəməzdik”. (əl-Buxari, 4192, 4558) Hədisi Muslim də rəvayət etmişdir. (Muslim, 4560, 6569) Sələflərin bir çoxu da bu iki dəstənin Hərisə oğulları ilə Sələmə oğulları olduğunu söyləmişlər.
Uca Allah buyurur: “Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə, şükür edəsiniz”, yəni Bədr döyüşündə sizə yardım etdi. Bədr döyüşü hicrətin ikinci ilində Ramazan ayının on yeddisində cümə günü baş vermişdir. Bədr döyüşü baş verən gün haqq ilə batilin ayrıldığı, müsəlmanların sayca az olmalarına baxmayaraq, Allahın İslamı və müsəlmanları ucaltdığı, şirki alçaltdığı, şirk yerlərini isə məhv etdiyi bir gündür. Həmin gün müsəlmanlar üç yüz on üç nəfər idilər, onların iki atı, yetmiş dəvəsi vardı. Qalanları isə piyada idilər. Ehtiyacları olan döyüş vəsaitləri də kifayət qədər deyildi. Düşmən isə doqquz yüz – min nəfər arasında olub zireh və dəbilqələr geyinmiş, döyüş vasitələri ilə tam olaraq təmin olunmuş, üstəlik bəzəkli və güclü atlara sahib idilər. Bütün bunlara baxmayaraq, Allah Peyğəmbərini ﷺ ucaltdı, dinini üstün, Peyğəmbərin və tərəfdarlarının üzünü ağ, şeytanı və nəslini isə alçaldıb rüsvay etdi. Bu səbəbdən Uca Allah ondan qorxan və çəkinən mömin qullarına bu nemətini xatırladaraq buyurur: “Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi”, yəni siz sayca az idiniz. Beləliklə, dərk edəsiniz ki, zəfər say və döyüş-sursatın çoxluğu ilə deyil, yalnız Allah tərəfindəndir. Uca Allah başqa bir ayədə buna işarə edərək buyurur: “Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir” (“ət-Tövbə”, 25-27).
İmam Əhməd rəvayət etmişdir ki, İyad əl-Əşari demişdir: “Yarmuk döyüşündə iştirak etdim. Bizə beş başçı təyin olunmuşdu – Əbu Ubeydə, Yəzid ibn Əbu Süfyan, İbn Həsənə, Xalid ibn əl-Valid və İyad. Ömər bizə “Döyüş başlasa, Əbu Ubeydəni başçı təyin edin!” demişdi. Biz Ömərə “Aramızda ölənlər çoxdur” deyə xəbər göndərdik və ondan kömək istədik. O da bizə belə yazdı: “İmdad istədiyiniz məktub mənə gəlib çatdı. Mən sizi yardım edənlərin ən güclüsünə və ən məğlubedilməz orduya sahib olana yönəldəcəyəm. Bu, İzzət və Cəlal sahibi olan Allahdır. Siz Ondan yardım diləyin! Muhəmməd ﷺ Bədr günü sizdən daha az sayla qalib gəldi. Sizə bu məktubum gəldikdə dərhal döyüşə girin və mənə müraciət etməyin!” Biz dərhal döyüşə girdik və düşməni məğlub edərək dörd fərsəx (ölçü vahidi) geriyə qovduq. Bu döyüşdən çox qənimət əldə etdik. Bu malları necə bölüşdürəcəyimiz barədə məşvərət etdik və İyad hər kəsə öldürdüyü bir düşmən üçün on hissə verilməsini təklif etdi. Sonra Əbu Ubeydə “Mənimlə kim (at yarışında) mərcləşə bilər?” deyə soruşdu. Bir gənc “Əgər qəzəbin tutmazsa, mən mərcləşərəm” dedi. Gənc Əbu Ubeydəni keçdi. Mən Əbu Ubeydəni gəncin arxasında, çılpaq bir atın belində, hörüklərinin uçuşduğunu gördüm”. (Əhməd, 344; İbn Hibban, 4766. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir) Bu hədisin isnadı səhihdir. Oxşar hədisi İbn Hibban “Səhih” əsərində rəvayət etmişdir. əl-Hafiz Diya əl-Məqdisi kitabında bu hədisə yer vermişdir. (əl-Musnəd (344). Hədisdə adı keçən beş başçıdan biri İyad ibn Ğanim əl-Fəhri hədisi rəvayət edən tabiin İyad əl-Əşari deyil. (Əhməd Şakir) Bədr Məkkə ilə Mədinə arasında quyusu ilə tanınan bir yerdir. Bu quyu onu qazan Bədr ibn ən-Nərin adlı bir kişiyə nisbət edilmişdir. əş-Şabi demişdir: “Bədr eyni adı daşıyan bir kişiyə aid quyudur”. (İbn Əbu Hatim, 4083)
Ayənin sonunda Uca Allah “Elə isə Allahdan qorxun ki, bəlkə, şükür edəsiniz” buyurur, yəni Ona itaətdə olun.
 
Ali-İmran, 124-129
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ * بَلَى إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ * وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ * لِيَقْطَعَ طَرَفًا مِنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبِينَ * لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ * وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
124. O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək köməyinizə çatması, sizə yetməzmi?”
125. Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və elə indi onlar sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.
126. Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdandır.
127. Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldürsün, yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər, –
128. Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər,
ya da (inkar etsələr) onlara əzab verər. Çünki onlar zalımdırlar.
129. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir.

 
Uca Allahın bu vədinin Bədr, yoxsa Uhud döyüşünə aid olduğuna dair təfsir alimləri ixtilaf edərək iki rəy söyləmişlər:
Birinci rəy: Uca Allahın “O zaman sən möminlərə deyirdin” ayəsi “Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi” ayəsi ilə əlaqəlidir. Bu rəy əl-Həsən əl-Bəsri, əş-Şabi və başqalarından rəvayət edilmişdir. İbn Cərir də bu rəyi seçmişdir.
Əgər deyilsə ki, bu rəyə görə bu ayə ilə Uca Allahın Bədr döyüşü barədə buyurduğu “O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir” (“əl-Ənfal”, 9-10) ayəsini necə cəm etmək olar? Onlara belə cavab verərik: “Bu ayədə min sayının qeyd edilməsi, heç də bu sayın üç min və daha çox olmasını inkar etmir, çünki Uca Allahın ayədə “bir-birinin ardınca gələn” deməsi ilə göndərilən min mələyə digər minlərin də əlavə olunması və arxalarından göndərilməsi aydın olur. (Ayədək iمُرْدِفِينَ [murdifi:n] “bir-birinin ardınca gələn” indiki zaman feili sifətini Nafi, Əbu Cəfər və Yaqub keçmiş zaman feili sifəti kimi مُرْدَفِينَ [murdəfi:n] “ard-arda göndərilmiş” oxumuşlar. Yerdə qalan on dörd qari isə indiki zaman feili sifəti kimi مُرْدِفِينَ [murdifi:n] “bir-birinin ardınca gələn” kimi oxumuşlar. İbn Kəsirin təfsirindən görünür ki, o bu sözü keçmiş zaman feili sifəti kimi “ard-arda göndərilmiş” mənasında açıqlamışdır. (Əhməd Şakir) “əl-Ənfal” surəsindəki ayənin məzmunu “Ali-İmran” surəsindəki ayənin məzmununa bənzəyir. Görünən budur ki, bu, Bədr döyüşündə baş vermişdir. Çünki bilindiyi kimi, mələklərin döyüşdə iştirak etməsi Bədr döyüşündə olmuşdur. Ən doğrusunu Allah bilir.
İkinci rəy: Allahın bu vədi “Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin” ayəsi ilə əlaqədardır və bu, Uhud döyüşüdür. Bu rəy Mucahid, İkrimə, əz-Zuhri, Musa ibn Uqbə və başqalarına aiddir. Lakin onlar beş min mələyin köməyə gəlməsi hadisəsinin baş vermədiyini demişlər, çünki o gün möminlər qaçdılar. İkrimə isə: “Üç min mələk də köməyə göndərilməmişdir, çünki Uca Allah: “Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız” buyurur. Onlar isə səbir etmədilər, qaçdılar. Bu səbəbdən onlara bir mələklə də yardım edilmədi”- deyə əlavə etmişdir.
Uca Allah buyurur: “Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız”, yəni əgər düşməninizin müqavimətinə səbir edib Məndən qorxsanız və əmrlərimə itaət etsəniz, “və elə indi onlar sizin üstünüzə hücum etsələr”– əl-Həsən, Qatədə, ər-Rabi və əs-Suddi demişlər: “Yəni elə indi bu halları ilə sizə hücum etsələr”. Mucahid və İkrimə isə demişlər: “Yəni bu qəzəblə sizə hücum etsələr”. “Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər”, yəni əlamətlə nişanlanmış. İbn Əbu Hatim rəvayət etmişdir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Bədr günü mələklərin nişanı ağ paltarları idi. Həmçinin atlarının alınlarında da nişanları vardı”. (İbn Əbu Hatim, 4106)
Uca Allah buyurur: “Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi”, yəni Allahın mələkləri endirməsi və bunu sizə bildirməsi sizə bir müjdə olsun deyə qəlblərinizi sevindirmək və rahatlandırmaq üçün idi. Yoxsa, əlbəttə, zəfər yalnız Allahdandır və Allah siz olmadan və sizin müharibənizə ehtiyac duymadan da düşmənlərindən intiqamını almağa qadirdir. Necə ki Uca Allah başqa bir ayədə möminlərə Onun yolunda döyüşməyi əmr etdikdən sonra buyurur: “Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O sizi bir-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcək” (“Muhəmməd”, 4-6). Eyni səbəbə görə, burada da “Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdandır” buyurmuşdur. Yəni O, tükənməz güc və təqdir etdiklərində hikmət sahibidir.
Sonra Uca Allah buyurur: “Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldürsün, yaxud onları alçaltsın”, yəni onları rüsvay edib qəzəbli halda geri qaytarsın və sizə qarşı etmək istədiklərinə nail olmasınlar. Bu səbəbdən Uca Allah: “...və beləcə, məyus halda geri dönsünlər”, yəni ümid etdiklərini əldə etmədən qayıtsınlar.
Sonra Uca Allah yeni bir cümlə ilə dünya və axirətdə hökmün yalnız Ona aid olduğunu və bu şeydə Onun heç bir şərikinin olmadığını bildirərək “Bu işin sənə aidiyyəti yoxdur” buyurur. Yəni bütün işlər Mənə aiddir. Necə ki başqa ayədə belə buyurur: “Bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (“ər-Rad”, 40). “Onların hidayətə gəlməsi sənə aid deyildir. Lakin Allah istədiyi şəxsi hidayətə qovuşdurur” (“əl-Bəqərə”, 272); “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz-sən. Amma Allah istədiyini doğru yola yönəldir” (“əl-Qasas”, 56).
Sonra Uca Allah kafirlərin digər qisimlərini (Əvvəlki ayədə “Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldürsün, yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər” buyurmaqla kafirlərin bəzi qisimlərini qeyd etdikdən sonra bu ayədə digər qisimlərini qeyd etmişdir) qeyd edərək: “Allah ya onların tövbəsini qəbul edər”, yəni küfrdən dönmək üçün etdikləri tövbələrini qəbul edər və onları zəlalətdən sonra hidayətə yönəldər, “ya da (inkar etsələr) onlara əzab verər”, yəni küfrləri və günahları üzündən dünya və Axirətdə onlara əzab verər. “Çünki onlar zalımdırlar”, yəni buna layiq olduqları üçün belə edər.
İmam Əhməd rəvayət etmişdir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Allahım, filankəsə lənət et! Allahım, əl-Həris ibn Hişama lənət et! Allahım, Suheyl ibn Amra lənət et! Allahım, Safvən ibn Umeyyəyə lənət et!” Uca Allah da bu ayəni nazil etdi: “Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da (inkar etsələr) onlara əzab verər. Çünki onlar zalımdırlar”. Onların (hədisdə adları çəkilənlərin) üçünün də tövbəsi qəbul olundu”. (əl-Musnəd (5674). Hədis səhihdir. Hədisi Əhməd bir neçə yerdə İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisin bəzi rəvayətlərinə görə, Peyğəmbər ﷺ bunu Fəcr namazının ikinci rükətində rukudan qalxdıqdan sonra demişdir. Həmçinin əl-Buxari bu hədisi müxtəlif yollarla İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. əl-Hafiz İbn Kəsir burada əl-Musnəd və əl-Buxarinin “Səhih” əsərindən bəzi rəvayətləri qeyd etmişdir. Bax: əl-Musnəd (5812, 6349, 6350). Fəthul-Bari (7/271, 13/263-264). (Əhməd Şakir) əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi ﷺ kiminsə əleyhinə və ya lehinə dua etmək istədikdə, bunu rukudan sonra edərdi. Bir dəfə o “Səmi Allahu limən həmidəh, Allahummə Rabbənə ləkəl-həmd (Allah Ona həmd edəni eşitdi! Allahım, Ey Rəbbimiz! Həmd yalnız Sənədir!)” dedikdən sonra bu duanı səslə etdi: “Allahım, Vəlid ibn Vəlidə, Sələmə ibn Hişama, Ayyaş ibn Əbu Rabiəyə və zülmə məruz qalan möminlərə kömək ol! Allahım, Mudar qəbiləsini, Yusufun zamanında olan quraqlıq kimi quraqlığa düçar etməklə əzab-əziyyətlərini, sıxıntılarını artır!” Həmçinin Sübh namazında “Allahım, ərəb sakinlərindən olan filankəs və filankəsə lənət et!” deməklə də dua etdi və Uca Allah da bu ayəni nazil etdi: “Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da (inkar etsələr) onlara əzab verər. Çünki onlar zalımdırlar”. (əl-Buxari (8/170-171 Fəthul-Bari); əl-Musnəd (7259, 7458); Muslim (1/187). (Əhməd Şakir). əl-Buxari, 4194, 4560)
İmam Əhməd Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uhud döyüşü günü Peyğəmbərin ﷺ yan dişlərindən biri sındırıldı və alnı yaralandı, (“Umdətut-Təfsir” kitabının çap olunmuş nüsxəsində və əl-Əzhariyyə əlyazmasında “alnı yaralandı” yazılmışdır. Muslimin rəvayətində isə “başından yaralandı” gəlmişdir. (Əhməd Şakir) yarasından üzünə qan axırdı. Peyğəmbər ﷺ bu halda deyirdi: “Onları Allaha çağıran Peyğəmbərinə bunu edən tayfa necə nicat tapar”. Uca Allah da bu ayəni nazil etdi: “Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da (inkar etsələr) onlara əzab verər. Çünki onlar zalımdırlar”.  Bundan başqa hədisi yalnız Muslim rəvayət etmişdir. (əl-Musnəd (11980); Muslim (2/68); ət-Tabəri (7805-7808). Hədisdə “yan dişlər” deyildikdə, ön dişdən sonra ard-arda gələn dörd diş nəzərdə tutulur. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” kitabında (8/171) bu hədislə İbn Ömərin (Allah ondan razı olsun) hədisini cəm edərək bildirmişdir ki, Peyğəmbər ﷺ bu hadisədən sonra namazda adları çəkilən şəxslərə bəddua etmişdir və beləliklə, bu ayə hər iki hadisəyə görə nazil olmuşdur. Bunların hər ikisi Uhud döyüşündən sonra olmuşdur. (Əhməd Şakir). Muslim, 1084, 1572; Əhməd, 7458, 7465. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir)
Sonra Uca Allah buyurur: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur”, yəni göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Göy və yer əhli Onun qullarıdır. “O, istədiyini bağışlayar, istədiyinə də əzab verər”, yəni O, istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz, gördüyü işlər barədə soruşulmaz; onlar isə soruşulacaqlar. “Allah bağışlayandır, rəhmlidir”.
 
Ali-İmran, 130-136
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا الرِّبَا أَضْعَافًا مُضَاعَفَةً وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ * وَاتَّقُوا النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ * وَأَطِيعُوا اللَّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ * وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ * الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ * وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ * أُولَئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
130. Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.
131. Kafirlər üçün hazırlanmış Oddan çəkinin.
132. Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun.
133. Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
134. O müttəqilər ki bolluqda da qıtlıqda da, mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.
135. O kəslər ki bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər.
136. Onların mükafatı Rəbbindən bağışlanma və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!

 
Bu ayədə Uca Allah mömin qullarına qat-qat artırılmış sələm almağı və sələmi yeməyi qadağan etmişdir. Ərəblər cahiliyyə dövründə borcunun vədəsi çatmış borcluya “Ya borcunu ödəyəcəksən, ya da gecikdirdiyin üçün sələm verəcəksən“ deyərdilər. Borclu olan ya borcunu ödəyər, ya da borcun vədəsini uzadardı, bunun əvəzində isə borc verən əsas borcun miqdarını artırardı. Hər il bu minvalla davam edərdi, nəticədə az miqdarda borc qat-qat artaraq böyük bir məbləğə gəlib çatardı.
Uca Allah əvvəlcə möminlərə dünya və axirətdə nicat tapmaları üçün Ondan qorxmalarını əmr etmiş, sonra Cəhənnəmlə qorxudaraq ondan çəkindirmiş və belə buyurmuşdur: “Kafirlər üçün hazırlanmış Oddan çəkinin. Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun”.
Sonra qullarını xeyir işlərə və Allaha yaxınlaşdıran əməllərə tələsməyə təşviq edərək buyurur: “Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin”, yəni Cəhənnəm kafirlər üçün hazırlandığı kimi, Cənnət də təqva sahibləri üçün hazırlanmışdır. Ayədə “genişliyi göylər və yer qədər olan” ifadəsi ilə Cənnətin uzunluğunun son dərəcə geniş olmasına işarə edildiyi deyilmişdir. Necə ki başqa ayədə Cənnətdəki döşəklər vəsf olunaraq “Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər” (“ər-Rahmən”, 54) buyurulur. Yəni bir düşünün içi atlazla döşənmiş Cənnətin çölü necə olar? Bu ifadənin başqa bir şərhi belədir: “Yəni genişliyi uzunluğu kimidir”.  “Səhih” əsərində gələn bu hədis buna dəlalət edir: “Allahdan Cənnəti dilədiyiniz zaman Firdovs cənnətini diləyin! Çünki Firdovs Cənnətin tam ortası və ən yüksək mərtəbəsidir. Cənnət çayları oradan qaynayıb axır. Ondan yüksəkdə isə ər-Rahmənin Ərşi yerləşir”. (Hədisi əl-Buxari mətnində yüngül dəyişiklik olmaqla Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir (6/9-10, 13/349-350 Fəthul-Bari). Bu hədis İbn Kəsirin qeyd etdiyi kimi, (6-135) Muslimdən fərqli olaraq, təkcə əl-Buxarinin rəvayət etdiyi hədislərdəndir. (Əhməd Şakir). əl-Buxari, 2581, 2790) Bu ayə “əl-Hədid” surəsindəki bu ayəyə bənzəyir: “Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin” (“əl-Hədid”, 21).
İmam Əhmədin “əl-Musnəd” əsərində rəvayət olunur ki, Herakl Peyğəmbərə ﷺ belə bir məktub yazmışdı: “Sən məni genişliyi göylər və yer qədər olan Cənnətə çağırırsan. Yaxşı bəs Cəhənnəm haradadır?” Peyğəmbər ﷺ dedi: “Subhən-Allah (Allah pak və müqəddəsdir)! Gündüz olduqda gecə harada olur?” Hədisi həmçinin İbn Cərir də rəvayət etmişdir. (Bu hədis “əl-Musnəd” əsərində (15719) Heraklın elçisi ət-Tənuxidən rəvayət olunan uzun hədisin bir hissəsidir. Hədisi İbn Kəsir “ət-Tarix” əsərində (5/15-16) “əl-Musnəd” əsərindən tam olaraq nəql etmiş, sonra da demişdir: “Bu, ğarib hədisdir. İsnadı pis deyil. Yalnız Əhməd rəvayət etmişdir”. ət-Tabərinin rəvayəti isə müxtəsərdir (7831). (Əhməd Şakir). Əhməd, 15655, 15693, 15740. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 3686).
ət-Tabəri Yəzid ibn əl-Əsamdan rəvayət etmişdir ki, bir dəfə Kitab əhlindən bir kişi dedi: “Siz “Genişliyi göylər və yer qədər olan Cənnətə tələsin” deyirsiniz. Elə isə Cəhənnəm haradadır?” İbn Abbas (Allah ondan razı olsun) cavabında belə dedi: “Gündüz gəldikdə gecə harada olur? Gecə olduqda gündüz harada olur?” (ət-Tabəri, 7835, 7873) Həmçinin bu hədis Peyğəmbərə ﷺ nisbət olunaraq da rəvayət edilmişdir. əl-Bəzzər Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir kişi Peyğəmbərin yanına gəlib: “Uca Allah “Genişliyi göylər və yer qədər olan Cənnətə tələsin” buyurur. Elə isə Cəhənnəm haradadır?” deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Gecə olub hər tərəfi qaranlığa bürüdüyünü görürsənmi? Elə isə gündüz harada olur?” Kişi “Allahın istədiyi yerdə” deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: ”Cəhənnəm də belədir, Allahın istədiyi yerdədir”. (İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan bu hədisi onun xalası oğlu mötəbər tabiin Yəzid ibn əl-Əsam ibn Ubeyd ondan rəvayət etmişdir. Hədis ət-Tabəridədir (7836) və isnadı səhihdir. Həmçinin Əbu Hureyranın (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədisi də Yəzid ibn əl-Əsam ondan rəvayət etmişdir. əl-Bəzzərin rəvayət etdiyi isnad səhihdir. Hədisi əl-Heysəmi “əz-Zəvaid” əsərində qeyd etmiş (6/327) və demişdir: “əl-Bəzzər rəvayət etmişdir. Raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. Oxşar hədisi İbn Hibban “Səhih” əsərində (103) rəvayət etmişdir. əl-Hakim də rəvayət etmiş və bildirmişdir ki, hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). əl-Bəzzər, 9380. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2892) Bu ifadə iki məna verə bilər:
Birinci: Gündüz olduqda gecəni görə bilməməyimiz onun hər hansı bir yerdə olmaması anlamına gəlmir. Cəhənnəm də belədir. Biz onun yerini bilməsək də, o, Allahın istədiyi yerdədir. Bu məna Əbu Hureyranın (Allah ondan razı olsun) hədisində keçdiyi kimi daha aydındır.
İkinci: Gündüz yer üzünün bir tərəfini işıqlandırdıqda yer üzünün digər tərəfində gecə olur. (Bu dəlildir ki, yerin kürə şəklində olması Qərb alimlərindən əvvəl İslam alimlərinə məlum idi. Bu da İslam alimlərinə tən edərək onların elmsiz olduqlarını iddia edənlərə cavabdır. (Əhməd Şakir) Cənnət də belədir. O, göylərin üstündə, Ərşin altında, yüksək İlliyunda yerləşir. Genişliyi isə Uca Allahın buyurduğu kimi “göylər və yer qədər”dir. Cəhənnəm isə ən alçaq yerdədir. Cənnətin genişliyinin göylər və yer qədər olması Cəhənnəmin var olmasına maneə deyil. Ən doğrusunu Allah bilir.
Sonra Uca Allah Cənnət əhlinin xüsusiyyətlərini zikr edərək buyurur: “O müttəqilər ki bolluqda da, qıtlıqda da, mallarından Allah yolunda xərcləyər”, yəni çətinlikdə də, rahatlıqda da, xoş gündə də, sıxıntı anlarında da, sağlam ikən də, xəstə ikən də, bir sözlə, bütün hallarda mallarından Allah yolunda xərcləyərlər. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır” (“əl-Bəqərə”, 274). Yəni heç bir şey onları Allaha itaətdən, mallarını Onun razılığını qazandıracaq işlərə xərcləməkdən, qohumlarına və Allahın digər varlıqlarına yaxşılıq etməkdən və başqa xeyir əməllərdən yayındıra bilməz.
Uca Allah buyurur: “...qəzəblərini boğar və insanları bağışlayarlar”, yəni qəzəb gəldiyi zaman onu boğar, gizlədər və əsəblərinə hakim olarlar. Bununla belə, onlara pislik edənləri bağışlayarlar. İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Hamını yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü ələ ala bilsin”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Musnəd (7218); əl-Buxari (10/431 Fəthul-Bari); Muslim (2/289-290). (Əhməd Şakir). Əhməd, 7218; əl-Buxari, 5649, 6114; Muslim, 4723, 6809) Həmçinin İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ bizdən soruşdu: “Sizcə, güclü adam kimdir?” Biz “İnsanların məğlub edə bilmədiyi adamdır” deyə cavab verdik. Peyğəmbər ﷺ dedi: “Xeyr, güclü adam qəzəbləndiyi zaman özünə hakim olan adamdır”. (Bu hədis tam şəkildə əl-Musnəd əsərində (3626) rəvayət olunub. İbn Kəsir hədisi tam olaraq nəql etmişdir, lakin biz mövzuya aid olan hissəni qeyd etmişik. əl-Buxari hədisin əvvəlindən bir hissəni, Muslim isə digər hissəsini rəvayət etmişdir. əl-Buxari hədisi “Ədəbul-Mufrad” əsərində tam olaraq rəvayət etmişdir (153-155). (Əhməd Şakir). Əhməd, 3626. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir) Yenə İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə Cariyə ibn Qudəmə əs-Səədi (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, mənə fayda verəcək bir söz söylə, lakin az olsun ki, onu dərk edib yadda saxlaya bilim”. Peyğəmbər dedi: “Qəzəblənmə”. Cariyə bunu bir neçə dəfə təkrarladı, Peyğəmbər ﷺ də hər dəfə ona “Qəzəblənmə” deyə cavab verdi”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (əl-Musnəd (5/34 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 20372, 20626. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2748) İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim borcu qaytarmaqda çətinlik çəkənə möhlət verərsə və ya borcunu keçərsə, Allah onu Cəhənnəm atəşindən qoruyar. Diqqət edin! Cənnətə aparan yol çətindir”. Bunu üç dəfə təkrar etdi. “Diqqət edin! Cəhənnəmə aparan yol isə şəhvətlərdən ibarət olduğu üçün asandır. Xoşbəxt insan özünü fitnələrdən qoruyandır. Qulun hakim ola biləcəyi əməllər içərisində Allaha ən sevimli olanı qulun öz qəzəbinə hakim olmasıdır. Qul Allah üçün qəzəbini boğduqca, Allah onun qəlbini imanla doldurar”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. İsnadı həsəndir, sənədində mötəbərliyinə tən olunmuş ravi yoxdur. Mətni də doğrudur. (əl-Musnəd (3017). (Əhməd Şakir). Əhməd, 3017. Hədis çox zəifdir. Bax: Daif ət-Tərğib vat-Tərhib, 540) İbn Mərdəveyh İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qulun hakim ola biləcəyi əməllər içərisində Allahın Üzünü diləyərək qəzəbini boğmasından mükafatı daha böyük olan əməl yoxdur”. Hədisi İbn Cərir və İbn Məcə də rəvayət etmişlər. (Səhih hədisdir. Hədisi Əhməd “əl-Musnəd” əsərində rəvayət etmişdir (6114, 6116). Qəribədir ki, İbn Kəsir hədisi İmam Əhmədə nisbət etməmişdir. (Əhməd Şakir). Əhməd, 6114, 6116; İbn Məcə, 4189, 4329. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir).
Uca Allah buyurur: “...qəzəblərini boğar”, yəni insanlarla olan rəftarlarına qəzəbləri təsir etməz. Onlar insanlara pislik etməzlər və bunun mükafatını Allahdan umarlar.
Sonra Uca Allah buyurur: “...və insanları bağışlayarlar”, yəni insanlara pislik etməməklə yanaşı, onlara qarşı haqsızlıq edənləri bağışlayarlar. Heç kimə qarşı qəlblərində kin-küdurət qalmaz. Bu, insanın ola biləcəyi ən mükəmməl haldır. Bu səbəbdən Uca Allah buyurur: “Allah yaxşı iş görənləri sevər”. Onların bu etdikləri də yaxşılığın yüksək dərəcələrindəndir. Bir hədisdə belə buyrulur: “Üç şey var ki, onlara görə and içərəm. Bunlar sədəqə verməklə mal azalmaz, qul bağışladıqca Allah onun izzətini artırar, Allah üçün təvazökarlıq edəni Allah ucaldar”. (Əhməd (7205), Muslim (2/285), ət-Tirmizi (3/155) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. ət-Tirmizi hədisin səhih olduğunu bildirmişdir. Lakin onların rəvayətində hədisin əvvəli: “Sədəqə verməklə mal azalmaz…”- cümləsi ilə başlayır. “Üç şey var ki, onlara görə and içərəm” ifadəsi ilə başlamır. (Əhməd Şakir). Əhməd, 7205; Əbu Yəalə, 6458. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 858)
Uca Allah buyurur: “O kəslər ki bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər”, yəni onlar bir günah iş tutduqda, dərhal tövbə edib Allahdan bağışlanmalarını diləyərlər.
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Bir dəfə bir kişi günah iş gördü və “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” dedi”. Allah dedi: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu adam başqa bir günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah dedi: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu adam başqa bir günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah dedi: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu kişi başqa bir günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah dedi: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu kişi bir daha günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah dedi: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən sizi (mələkləri) şahid tuturam ki, artıq onu bağışladım və nə qədər ki günah edib bağışlanma diləyəcək, Mən onu bağışlayacağam”. (Əhməd, 7935, 7948; İbn Hibban, 622. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasəsən səhih olduğunu bildirmişdir) Oxşar hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər. (əl-Musnəd (7935), əl-Buxari (13/392-393 Fəthul-Bari), Muslim (2/362). (Əhməd Şakir). əl-Buxari, 6953, 7507; Muslim, 2758).
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə biz Peyğəmbərə ﷺ dedik: “Ey Allahın Elçisi! Səni gördükdə qəlblərimiz yumşalır və Axirət yurdunun sakinlərindən oluruq. Səndən ayrıldıqda isə başımız arvadlarımıza və övladlarımıza qarışır və dünyaya meyil edirik”. Peyğəmbər ﷺ dedi: “Əgər siz həmişə mənim yanımda olduğunuz halda olsaydınız, mələklər sizə əl tutaraq salam verərdilər və sizi evinizdə ziyarət edərdilər. Əgər siz günah etməsəydiniz, Allah (yerinizə) yeni məxluq gətirər, onlar günah edər, Allah da onları bağışlayardı”. Biz dedik: “Ey Allahın Elçisi! Bizə Cənnətdən danış! Orada olan evlər nədən düzəldilib?” O cavab verdi: “Bir kərpic qızıldan, bir kərpic gümüşdən. Onun (divarlarının) malası xoş ətirli müşkdəndir. Onun çınqılları mirvaridən və yaqutdan, torpağı isə zəfərandandır. Ora daxil olan nemət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəlməz və qocalmaz”. Sonra dedi: “Üç adamın duası rədd olunmaz; ədalətli rəhbərin duası, oruc tutanın iftar edənə qədər etdiyi dua və zülmə məruz qalanın duası. Allah zülmə məruz qalanın duasını buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və Uca Rəbb buyurur: “İzzətimə and olsun ki, bir müddət keçsə belə, Mən sənə mütləq kömək edəcəyəm”. Hədisi ət-Tirmizi və İbn Məcə də rəvayət etmişlər. (əl-Musnəd (7935). Hədisin sonu “əl-Bəqərə” surəsinin 186-cı ayəsində keçmişdir. (Əhməd Şakir). Əhməd, 8030, 8043; İbn Hibban, 7387. Hədis səhih li-ğeyrihidir. Bax: Mişkətul-Məsabih, 5630).
İmam Əhmədin Əlidən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisə əsasən, tövbə əsnasında dəstəmazlı olmaq və iki rükət namaz qılmaq tövbənin qəbul olunmasını qüvvətləndirir. İmam Əhməd rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərdən ﷺ bir hədis eşitdiyim zaman Allah məni istədiyi qədər bu hədisdən faydalandırardı. Başqası mənə Peyğəmbərdən bir hədis rəvayət etdikdə isə o adamdan and içməsini tələb edərdim, əgər and içərdisə, onu təsdiqləyərdim. Bir dəfə Əbu Bəkr mənə Peyğəmbərdən ﷺ belə eşitdiyini xəbər verdi və o doğru söyləmişdir: “Günah edən elə bir kəs yoxdur ki, dərhal gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılsın və namazında Uca Allahdan bağışlanma diləsin, Allah da onun günahlarını bağışlamasın”. (Əhməd, 2; İbn Məcə, 1144, 1395. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1324) Hədisi Əli ibn əl-Mədini, əl-Humeydi, Əbu Bəkr ibn Əbu Şeybə, “Sunən” əsərlərinin müəllifləri, İbn Hibban “Səhih” əsərində, əl-Bəzzər və əd-Dəraqutni rəvayət etmişlər. ət-Tirmizi “Bu, həsən hədisdir” demişdir. (Əksinə, bu, səhih hədisdir. İbn Həcər “ət-Təhzib” kitabında qeyd etmişdir ki, hədisi həmçinin İbn Xuzeymə “Səhih” əsərində rəvayət etmişdir. Hədisin “əl-Musnəd” əsərindəki sıra sayı 2-dir. ət-Tabəri də rəvayət etmişdir (7853, 7854). (Əhməd Şakir) Bu hədis, möminlərin əmiri Əli ibn Əbu Talibin Peyğəmbərin ﷺ xəlifəsi Əbu Bəkrdən (Allah onlardan razı olsun) rəvayətidir. Muslimin “Səhih” əsərində Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədis yuxarıda qeyd etdiyimiz hədisin səhih olmasına dəlalət edir. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Sizdən hansı biriniz dəstəmaz alar və dəstəmazını kamil şəkildə, (yaxud tam şəkildə) yerinə yetirər, sonra da “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Onun şəriki də yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir” (Transkripsiyası: Əşhədu ən lə: ilə:hə illəllah vəhdəhu lə: şəri:kə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasu:luhu) deyərsə, Cənnətin səkkiz qapısı onun üçün açılar və o hansından istəsə, (oradan Cənnətə) daxil olar”. (Muslim, 553, 576) əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Osman ibn Affan (Allah ondan razı olsun) Peyğəmbərin dəstəmaz aldığı kimi dəstəmaz aldı və belə dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim mənim aldığım kimi dəstəmaz alar, sonra iki rükət namaz qılar və bu namazında dünya işlərini düşünməzsə, onun keçmiş günahları bağışlanar”. (əl-Buxari, 150, 155; Muslim, 332, 561) Bu hədis dörd Raşidi xəlifənin (Əbu Bəkr, Ömər, Osman və Əli) rəvayəti ilə əvvəlkilərin və sonrakıların ağası, aləmlərin Rəbbinin elçisindən sabit olmuşdur. Həmçinin açıq-aydın Kitabın ayələri də günahdan tövbə etməyin asi qullara fayda verəcəyinə dəlalət edir. İmam Əhməd Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İblis dedi: “Ey Rəbbim, İzzətinə and olsun ki, Adəm övladının ruhu bədənində olduğu müddətcə onları azdıracağam”. Uca Allah da “İzzət və Cəlalıma and olsun ki, Məndən bağışlanma dilədikləri müddətcə Mən də onları bağışlayacağam” buyurdu”. (əl-Musnəd (11257, 11264, 11387, 11752). Hədis “əz-Zəvaid” kitabında zikr olunub (10/207). Müəllif hədisi həmçinin ət-Tabərani və Əbu Yəaləyə nisbət etmiş və demişdir: “Əhmədin və Əbu Yalənin rəvayətlərindən birinin raviləri “Səhih” əsərində adı keçən raviləridir”. (Əhməd Şakir). Əhməd, 11240, 11548. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 104)
Uca Allah buyurur: “Axı günahları Allahdan başqa kim bağışlaya bilər?”, yəni günahları Ondan başqası bağışlamaz. Necə ki İmam Əhməd əl-Əsvəd ibn Səridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərin ﷺ yanına bir əsir gətirildi. Əsir “Ey Allahım, sənə tövbə edirəm, Muhəmmədə deyil”- dedi. Peyğəmbər dedi: “Günahları bağışlama haqqının kimə aid olduğunu bildi”. (əl-Musnəd (15651). İsnadı səhihdir. əl-Əsvəd ibn Səri – məşhur şair, tanınmış səhabə ət-Teymi əs-Sədidir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər”, yəni onlar günahlarına görə tövbə edər və ən qısa zamanda Allaha dönərlər. Günahlarına davam etməzlər, günahdan əl çəkməyərək günahlarında israr etməzlər. Təkrar günah işləsələr belə, ondan tövbə edərlər. Necə ki Əbu Yəalə Əbu Bəkrin azad etdiyi köləsindən, o da Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Gündə yetmiş dəfə olsa belə, günaha qayıtdıqdan sonra tövbə edən, günahında israr etmiş sayılmaz”. Hədisi Əbu Davud, ət-Tirmizi və əl-Bəzzər də rəvayət etmişlər. (Əbu Davud, 1516; ət-Tirmizi, 3559, 3907; əl-Bəzzər, 93; Əbu Yəalə, 137; ət-Tabərani “əd-Dua” 163. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4474) Əli ibn əl-Mədini və ət-Tirmizi demişlər: “Hədisin isnadı o qədər də güclü deyil”. Görünür, bu, Əbu Bəkrin azad etdiyi kölənin məchul olmasından irəli gəlir, lakin onun kimi böyük tabiinin məchul olmasının bir zərəri yoxdur. Onun Əbu Bəkr (Allah ondan razı olsun) kimi böyük səhabəyə nisbət edilməsi etibarlı olması üçün kifayətdir və hədis həsəndir. Ən doğrusunu isə Allah bilir. (Həmçinin ət-Tabəri rəvayət etmişdir (7863). (Əhməd Şakir). Əhməd, 15587, 15625; əl-Hakim, 7654. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 3862)
Mucahid və Abdullah ibn Ubeyd ibn Umeyr Uca Allahın “bilə-bilə” sözünü təfsir edərək demişlər: “Yəni onlar Allahın tövbə edənin tövbəsini qəbul edəcəyini bilə-bilə günahda israr etməzlər”. Bu ayə Uca Allahın bu ayələri kimidir: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?” (“ət-Tövbə”, 104); “Kim pis bir iş görər və ya öz-özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər” (“ən-Nisa”, 110). Quranda buna bənzər ayələr çoxdur.
İmam Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ minbərin üstündə ikən buyurdu: “Rəhm edin ki, rəhm olunasınız. Bağışlayın ki, Allah da sizi bağışlasın! Eşitdiklərinə əməl etməyənlərin vay halına! Bilə-bilə günah etməkdə israr edənlərin vay halına!” Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (əl-Musnəd (6541, 6542, 7041). İsnadları səhihdir. Həmçinin əl-Buxari “Ədəbil-Mufrad” əsərində (380) rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 6541, 7041; əl-Buxai “Ədəbul-Mufrad” 380; əl-Beyhəqi “Şuabul-İman” 10541. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 482)
Uca Allah müttəqilərin vəsflərini zikr etdikdən sonra belə buyurur: “Onların mükafatı”, yəni bu xüsusiyyətlərinə görə onların mükafatı “Rəbbindən bağışlanma və altından çaylar axan cənnətlərdir ki”, yəni altından müxtəlif növ içkilər axan cənnətlərdir; “orada əbədi qalacaqlar”, yəni daimi qalacaqlar. “Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” Beləcə, Uca Allah Cənnəti tərifləyir.
 
Ali-İmran, 137-143
قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ * هَذَا بَيَانٌ لِلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِلْمُتَّقِينَ * وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ * وَلِيُمَحِّصَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَمْحَقَ الْكَافِرِينَ * أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ * وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ أَنْ تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنْتُمْ تَنْظُرُونَ
137. Sizdən öncə də bir çox belə hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib haqqı yalan sayanların aqibətinin necə olduğunu görün.
138. Bu Quran insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir.
139. Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, bilin ki, üstün olan kəslər sizsiniz.
140. Əgər siz Uhud döyüşündə yara almışsınızsa, əlbəttə, düşməniniz olan o qövm də bu cür yara almışdı. Biz bu günləri – qalibiyyəti və məğlubiyyəti, insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz.
141. Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin.
142. Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri bəlli etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!
143. Siz düşmənlə qarşılaşmadan öncə Allah yolunda ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz.

 
Uca Allah Uhud döyüşündə başlarına müsibət gələn və yetmiş şəhid verən mömin qullarına xitab edərək buyurur: “Sizdən öncə də, bir çox belə hadisələr olub keçmişdir”, yəni sizdən əvvəl də peyğəmbərlərin ümmətlərinin başına eyni hadisələr gəlmişdir. Amma sonda onlar qalib gəlmiş, kafirlər isə bəlaya düçar olmuşlar. Bu səbəbdən Uca Allah buyurur: “Elə isə yer üzünü gəzib haqqı yalan sayanların aqibətinin necə olduğunu görün”.
Sonra Uca Allah buyurur: “Bu Quran insanlar üçün bir açıqlama”, yəni orada hər işin əsl mahiyyəti açıqlanmış, keçmiş ümmətlərin düşmənlərinə qarşı münasibətləri izah edilmişdir. “Müttəqilər üçün isə doğru yol göstəricisi”, yəni onda sizdən əvvəlkilərin xəbərləri və qəlblərinizi doğru yola yönəldəcək ayələr vardır, “və öyüd-nəsihətdir”, yəni orada sizi haramlardan və günahlardan çəkindirəcək nəsihətlər vardır.
Sonra Uca Allah möminlərə başlarına gələnlərə görə təsəlli verərək buyurur: “Zəiflik göstərməyin”, yəni başınıza gələnlərə görə zəifləməyin “və kədərlənməyin. Əgər möminsinizsə, bilin ki, üstün olan kəslər sizsiniz”, yəni sonda zəfər mütləq sizindir, ey iman gətirənlər! “Əgər siz Uhud döyüşündə yara almışsınızsa, əlbəttə, düşməniniz olan o qövm də bu cür yara almışdı”, yəni əgər sizdən yaralananlar və öldürülənlər oldusa, bilin ki, onlardan da sizin qədər yaralananlar və öldürülənlər oldu. “Biz bu günləri – qalibiyyəti və məğlubiyyəti, insanlar arasında növbə ilə dəyişdiririk ki, ...”, yəni sonda qələbənin sizin olmasına baxmayaraq, bəzən hikmətimizə uyğun düşmənlərinizi sizə qalib gətiririk. Sonra Uca Allah bu hikməti açıqlayaraq buyurur: “Allah iman gətirənləri üzə çıxarsın”. İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Yəni düşmənlərlə döyüşməyə, vuruşmağa kimin səbir edəcəyini görək”. “...və aranızdan şəhidlər seçsin”, yəni Allah yolunda vuruşub öldürülərək şəhid olanları və Onun rizasını qazanmaq üçün özünü fəda edənləri seçsin. “Allah zalımları sevməz. Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın”, yəni günahları varsa, möminlərin günahlarını bağışlasın, əgər günahları yoxdursa, başlarına gələn müsibətə uyğun dərəcələrini yüksəltsin “və kafirləri məhv etsin”. Çünki kafirlər zəfər çalsalar, daha da azğınlaşacaqlar və bu da möminlərin həlakına, məhv və yox olmalarına səbəb olacaq.
Sonra Uca Allah buyurur: “Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri bəlli etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!”, yəni yoxsa siz döyüş və çətinliklərlə imtahan olunmadan Cənnətə girəcəyinizimi sanırsınız? Necə ki “əl-Bəqərə” surəsində buyurur: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də “Allahın köməyi nə vaxt gələcək?” dedilər. Həqiqətən, Allahın köməyi yaxındır” (“əl-Bəqərə”, 214). Həmçinin buyurur: “Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə “İman gətirdik!” demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaq” (“əl-Ənkəbut”, 1-3). Burada isə buyurur: “Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri bəlli etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!”, yəni Allah sizi sınayıb içinizdən Onun yolunda cihad edənləri və düşmənlə qarşılaşdıqda səbir edənləri görmədən Cənnətə girə bilməzsiniz.
Uca Allah buyurur: “Siz düşmənlə qarşılaşmadan öncə, Allah yolunda ölməyi arzu-layırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz”, yəni, ey möminlər! Döyüşdən əvvəlki gün siz düşmənlə qarşılaşmağı arzulayırdınız və bunun üçün canfəşanlıq edirdiniz. Onlarla döyüşüb səbir etməyi istəyirdiniz. Budur artıq arzuladığınız və can atdığınız qarşınızdadır. Haydı döyüşün və səbir edin! əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Düşmənlə qarşılaşmağı arzulamayın və Allahdan salamatlıq diləyin. Düşmənlə qarşılaşdığınız zaman isə səbir edin və bilin ki, Cənnət qılıncların kölgəsi altındadır”. (Bu hədis əl-Buxari (6/109-111, Fəthul-Bari) və Muslimin (2/48) Abdullah ibn Əbu Əufədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisin tərkibindədir. (Əhməd Şakir). əl-Buxari, 2801, 3025; Muslim, 3275, 4639) Bu səbəbdən Uca Allah buyurur: “İndi isə siz onu gördüyünüz halda”, yəni qılıncların parıltısında, tiyəsinin itiliyində, nizələrin toqquşmasında və kişilərin döyüş üçün səf-səf düzülüşündə ölümü gördünüz. Filosoflar bu ayəni “təsvir etmə” kimi izah edirlər. Yəni hiss edilməyən bir şeyi hiss edilən kimi təsvir etməkdir. Necə ki qoyun qoça dost, qurd isə düşmən kimi təsvir edilir.
 
Ali-İmran, 144-148
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَنْ يَنْقَلِبْ عَلَى عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ * وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ * وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ * وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ * فَآتَاهُمُ اللَّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْآخِرَةِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
144. Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mütləq mükafatlandırar.
145. Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.
146. Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevər.
147. Onların sözü ancaq “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” olmuşdur.
148. Beləcə, Allah onlara həm dünya mükafatını, həm də axirət mükafatının ən gözəlini verdi. Allah yaxşı iş görənləri sevər.

 
Uhud döyüşündə müsəlmanların bir qismi məğlubiyyətə uğrayıb, bir qismi isə öldürüldükdə şeytan belə səsləndi: “Bilin ki, Muhəmməd artıq öldürüldü!” İbn Qamiə müşriklərin yanına gəlib onlara “Muhəmmədi öldürdüm” dedi. Halbuki o, yalnız Peyğəmbəri ﷺ vurmuş və başını yaralamışdı. Bu xəbər bir çox insanların qəlblərinə təsir etdi. Onlar Peyğəmbərin öldürüldüyünə inandılar və Allahın bir çox peyğəmbər barədə xəbər verdiyi kimi onun da öldürülülmüş ola biləcəyini qəbul etdilər. Bununla da, müsəlmanlar arasında zəiflik, durğunluq və döyüşdə geriləmə baş verdi. Bu  səbəbdən Uca Allah Peyğəmbərinə “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?!” ayəsini nazil etdi. Yəni Peyğəmbər ﷺ möminlərə həm Allahın elçisi kimi, həm də öldürülməsinin mümkün olmasında bir nümunədir.
Sonra Uca Allah bu xəbər səbəbindən durğunluğa düşənləri qınayaraq buyurur: “Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mütləq mükafatlandırar”, yəni Uca Allah Ona itaət edənlərin, Onun dini uğrunda döyüşənlərin, sağ ikən də, öldükdən sonra da Peyğəmbərinə ﷺ tabe olanların mükafatını mütləq verəcəkdir.
“Səhih”, “Musnəd”, “Sunən” və digər İslam kitablarında qətilik ifadə edən müxtəlif yollarla sabit olmuşdur ki, Peyğəmbər ﷺ vəfat etdikdə Əbu Bəkr ﷺ bu ayəni müsəlmanlara oxumuşdur. əl-Buxari əz-Zuhrinin yolu ilə Əbu Sələmədən, o da Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Əbu Bəkr at belində əs-Sunh deyilən yerdəki evindən gəldi və atından enib məscidə girdi. Heç kimlə danışmayaraq Aişənin (Allah ondan razı olsun) yanına girdi və Peyğəmbərə ﷺ tərəf getdi. Peyğəmbər hibərə adlanan Yəmən bürüncəyi ilə örtülü idi. Əbu Bəkr ﷺ Peyğəmbərin ﷺ üzünü açdı, əyilərək onu öpdü və ağladı, sonra dedi: “Anam, atam sənə fəda olsun, Allaha and olsun ki, Allah səndə iki ölümü cəm etməz. Sənin üçün yazılan ölümə gəlincə, artıq sən o ölümü daddın”. əz-Zuhri dedi: “Mənə Əbu Sələmə İbn Abbasın belə dediyini danışmışdır: “Ömər insanlarla söhbət edərkən Əbu Bəkr çölə çıxdı və dedi: “Ey Ömər, otur!” Əbu Bəkr ﷺ Allaha həmd edib Peyğəmbərinə ﷺ salavat gətirdikdən sonra dedi: “Sonra isə, kim Muhəmmədə ﷺ ibadət edirdisə, bilsin ki, Muhəmməd ﷺ artıq ölmüşdür. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah diridir və əsla ölməz. Uca Allah buyurur: “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mütləq mükafatlandırar”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Allaha and olsun ki, Əbu Bəkr ﷺ bu ayəni oxuyana qədər insanlar sanki Allahın belə bir ayə endirdiyini bilmirdilər. Bundan sonra bütün insanlar bu ayəni oxumağa başladı və mən elə bir insan görmədim ki, bu ayəni oxumasın”. Səid ibn əl-Museyyib Ömərin ﷺ belə dediyini xəbər vermişdir: “Əbu Bəkrin bu ayəni oxuduğunu eştidikdə heyrətimdən donub qaldım, ayaqlarım bədənimi daşıya bilmədi və yerə çökdüm”. (Hədisi əl-Buxari bu şəkildə bir hədis olaraq rəvayət etmişdir (8/110, 111 Fəthul-Bari). İbn Kəsir isə bir az ixtisar etmişdir. Əslində isə bu hədis əz-Zuhrinin rəvayət etdiyi üç hədisdən ibarətdir. İkisini əz-Zuhri Əbu Sələmədən, o da Aişədən və Əbu Sələmədən, o da İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Üçüncüsünü isə İbn əl-Museyyibdən, o da İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 4452-4454; 4497-4499)
Uca Allah buyurur: “Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır”, yəni hər kəs yalnız Allahın qədəri ilə, Allahın onun üçün müəyyən etdiyi müddəti tamamladıqdan sonra ölər. Bu səbəbdən Uca Allah ayədə “Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır” buyurur. Bu ayə Uca Allahın: “Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) yazılmışdır” (“Fatir”, 11). “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır” (“əl-Ənam”, 2) ayələrinə bənzəyir. Bu ayə müharibə etməkdən qorxanları cəsarətləndirir və onları döyüşə təşviq edir, çünki döyüşə girmək və ya döyüşdən qaçmaq ömrü nə qısaldar, nə də uzadar. Necə ki İbn Əbu Hatim Həbib ibn Suhbəndən rəvayət edir ki, bir dəfə müsəlmanlardan biri – Hucr ibn Adiy – Dəclə çayını nəzərdə tutaraq: “Qarşımızdakı bu düşmənə çatmağımıza mane olan bu bir damcı sudur?” Sonra o, Uca Allahın “Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır” ayəsini oxudu və atını Dəclə çayına sürdü. O atını sürdükdən sonra digərləri də atlarını sürməyə başladılar. Düşmən onları gördükdə: “Bunlar dəlidirlər”– dedilər və qaçdılar”. (Həbib ibn Suhbən Əbu Malik əl-Əsədi böyük, mötəbər tabiindir. Ömər və digər səhabələrdən hədislər rəvayət etmişdir. İbn Sad (6/115) və başqaları onun mötəbər olduğunu demişlər. Əlyazmada onun adı Dabyən, çap olunmuş nüsxədə isə Zabyən kimi yazılmışdır. Lakin hər ikisi səhvdir. Bu hadisə hicri təqvimlə 16-cı ildə müsəlmanlar Mədəin şəhərini (Bağdaddan 25 km uzaqlıqda yerləşir) fəth edərkən baş vermişdir. ət-Tabəri bu hadisəni özünün “Tarix” əsərində (4/172-173) iki isnadla rəvayət etmişdir. Onun rəvayəti belədir: “Həbib ibn Subən Əbu Malik demişdir: “Müsəlmanlar Mədəin şəhərini fəth etmək üçün Dəclə çayını keçdikdə düşmən onların çayı keçdiklərini görüb Fars dilində “Divanəmad” deməyə başladılar. Onlar bir-birlərinə “Allaha and olsun ki, siz insanlarla deyil, cinlərlə vuruşursunuz” deyirdilər. Beləliklə də, məğlub oldular”. İbn Kəsir bu hadisəni “Tarix“ əsərində (7/64) müxtəsər olaraq rəvayət etmişdir. “Divanə” sözünün mənası “şeytan” deməkdir. Bax: əl-Cəvəliqinin “əl-Muərrab” əsəri (səh. 15). (Əhməd Şakir). İbn Əbu Hatim, 4269).
Uca Allah buyurur: “Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik”, yəni yalnız dünya əldə etmək üçün çalışan kəs dünya malından yalnız Allahın ona təqdir etdiyi qədərinə nail olar. Axirətdə isə onun heç bir payı yoxdur. Axirət yurduna can ataraq əməl edənə isə, Allah dünyada ona ayırdığı nemətlə bərabər, Axirətdə də istədiyini verər. Necə ki bu ayədə Uca Allah buyurur: “Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin axirətdə onun heç bir payı olmaz” (“əş-Şura”, 20). Başqa bir ayədə isə buyurur: “Kim gəldi-gedər dünyanı istəsə, orada ona dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar” (“əl-İsra”, 18-19). Bu ayədə isə belə buyurur: “Biz şükür edənləri mütləq mükafatlandıracağıq”, yəni şükür edənləri şükrlərinə və əməllərinə uyğun olaraq dünya və Axirətdə lütfümüz və rəhmətimizlə mükafatlandırarıq.
Sonra Uca Allah Uhud döyüşü günü başlarına gələnlərə görə müsəlmanlara təsəlli verərək buyurur: “Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə öldürülmüşlər”. (Qarilərdən Nafi, İbn Kəsir, Əbu Amr, Yaqub, İbn Muheysin və əl-Yəzidi ayəni قُتِلَ [qutilə] “öldürülmüşlər” kimi oxumuşlar. İbn Kəsir təfsir kitabında da ayəni bu qiraətə uyğun təfsir etmişdir. Sonra isə digərقَاتَلَ  [qa:tələ] “döyüşmüşlər” kimi oxuyanların qiraətini nəql etmişdir. Sonuncu qiraət on dörd qiraətin yerdə qalanlarının oxunuşudur. Məşhur olan “Hafs” qiraəti də belədir. (Əhməd Şakir). ət-Tabəri, 7/265) Bu ayənin mənasının belə olduğu deyilir: “Yəni neçə-neçə peyğəmbərlər öldürülmüş və onlarla birlikdə bir çox səhabələr də öldürülmüşdür”. İbn Cərir də bu təfsiri seçərək demişdir: “Ayəniقُتِلَ  [qutilə] “öldürülmüşlər” kimi oxuyanlar belə demişlər: “Bu ayədə peyğəmbərlə bərabər onun səhabələrinin hamısının deyil, bəzilərinin öldürüldüyü nəzərdə tutulur. Uca Allah bu ayə ilə yerdə qalan və öldürülməyən dindarların zəifləmədiklərini və acizlik göstərmədiklərini bildirir”. Sonra İbn Cərir demişdir: “Ayəni قَاتَلَ [qa:tələ] “döyüşmüşlər” kimi oxuyanlar isə bu qiraəti seçmələrini belə izah etmişlər: “Əgər döyüşmüş deyil, öldürülmüş olsaydılar, ayənin davamında: “Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə boyun əymişlər” cümləsini açıqlamaq mümkün olmazdı, çünki öldürüldükdən sonra “zəifləməmək və acizlik göstərməmək” kimi sifətlərlə xarakterizə edilmələri mümkün deyil”. Daha sonra İbn Cərir ayəni قُتِلَ [qutilə] “öldürülmüşlər” şəklində oxuyanların fikrini seçmişdir. (Bax: ət-Tabərinin təfsiri (7/264-265). (Əhməd Şakir) Çünki Uca Allah bu və bundan əvvəlki ayədə Uhud döyüşündə “Muhəmməd öldürüldü” deyə qışqıran carçının səsini eşitdikdə döyüşü tərk edən və bu səbəbdən məğlub olanları qınayır. Uca Allah onları döyüşü tərk edib qaçdıqlarına görə məzəmmət edərək buyurur: “Ey möminlər! “Məgər o ölərsə və ya öldürülərsə”, siz dininizi tərk edib “gerimi dönəcəksiniz?!” Ayənin təfsirinin “Neçə-neçə peyğəmbərlər olmuş ki, səhabələrindən bir çoxu onlardan əvvəl öldürülmüşdür” şəklində olduğu da deyilmişdir.
Rəvayət edilir ki, İbn Məsud ﷺ Uca Allahın “bir çox dindarlarla birlikdə” sözünü “minlərlə” kimi təfsir etmişdir. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr və başqaları isə “bir çox dindarlarla birlikdə” sözünü “böyük bir toplumla birlikdə” kimi açıqlamışlar. əl-Həsən demişdir: “Yəni çox sayda alimlərlə birlikdə”. əl-Həsəndən gələn başqa bir rəvayətdə o “Səbirli, əməlisaleh və müttəqi alimlərlə birlikdə” demişdir. İbn Cərir Bəsrənin ərəb dilçilərindən ayədə keçən الرِّبِّيُّونَ [ribbiyyu:nə] “dindarlar” sözünün mənasının “Rəbbə ibadət edənlər” olduğunu rəvayət etmişdir. Bəzi alimlər isə bu şərhi qəbul etməyərək demişlər: “Əgər belə olsaydı, onda söz الرَّبِّيُّونَ [rabbiyyu:nə] kimi olardı”. İbn Zeyd demişdir: “الرِّبِّيُّونَ [ribbiyyu:nə] sözünün mənası “davamçılar”, “rəiyyət” deməkdir. الرَّبَّانِيُّونَ [rabbə:niyyu:nə] sözünün mənası isə “əmr sahibləri” deməkdir”.
Uca Allah buyurur: “Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə boyun əymişlər”. Qatədə və ər-Rabi ibn Ənəs demişlər: “Yəni onlar peyğəmbərləri öldürüldüyünə görə zəifləmədilər və düşmənə boyun əymədilər. Etiqadlarından və dinlərindən dönmədilər. Allaha qovuşana qədər peyğəmbərləri nə üçün döyüşürdüsə, eyni məqsəd üçün döyüşməyə davam etdilər”. “Allah səbir edənləri sevər. Onların sözü ancaq “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” olmuşdur”, yəni onların dedikləri yalnız bu olmuşdur. “Beləcə, Allah onlara həm dünya mükafatını”, yəni köməyini, zəfəri və gözəl sonluğu, “həm də axirət mükafatının ən gözəlini verdi”, yəni dünya neməti ilə bərabər, Axirət nemətini də verdi. “Allah yaxşı iş görənləri sevər”.
 
Ali-İmran, 149-153
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ * بَلِ اللَّهُ مَوْلَاكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ * سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ * وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنْكُمْ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ * إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَى أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَى مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
149. Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi dininizdən geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri dönərsiniz.
150. Halbuki sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır.
151. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer nə pisdir!
152. Siz Allahın izni ilə düşmənlərinizi qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə istədiyiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
153. O zaman Peyğəmbər arxanızdan – düşmənə yaxın olan sıralardan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düşməndən qaçırdınız. Allah da qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.

 
Uca Allah bu ayələrdə mömin qullarını kafirlərə və münafiqlərə itaət etməkdən çəkindirir, çünki onlara itaət etmək dünya və axirətdə həlak olmağa səbəbdir. Bu səbəbdən Uca Allah ayədə “Əgər kafirlərə itaət etsəniz, onlar sizi dininizdən geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri dönərsiniz” buyurur. Sonra Uca Allah Ona itaət etməyi, Onun himayəsi ilə kifayətlənməyi, yalnız Ondan kömək istəyərək yalnız Ona təvəkkül etməyi əmr edir və buyurur: “Halbuki sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır”.
Daha sonra Uca Allah mömin qullarına müjdə verərək düşmənlərinin qəlblərinə etdikləri küfr və şirk səbəbindən qorxu salacağını, beləcə, möminlərdən qorxacaqlarını, möminlərin qarşısında zəlil və alçaq olacaqlarını bildirir. Üstəlik onları Axirət yurdunda əzab gözləyir. Uca Allah buyurur: “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer nə pisdir!” əl-Buxari və Muslimin “Səhih” əsərlərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: “Bir aylıq məsafədən düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması; qənimətlərin mənə halal olması; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərilmişəm”. (əl-Buxari, 323, 335; Muslim, 810, 1191) İmam Əhməd Əbu Uməmədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Rəbbim məni peyğəmbərlərdən və ya ümmətlərdən bu dörd xislət ilə üstün etmişdir: Bütün insanlara göndərilmişəm. Mənim və ümmətim üçün bütün yer üzü pak və namazgah edildi. Odur ki ümmətimdən hər bir kəsin istənilən yerdə namazının vaxtı çatsa, ora onun üçün (su olmadığı təqdirdə) təmizlik vasitəsi və məsciddir. Bir aylıq məsafədən düşmənlərimin qəlbinə qorxu salınmaqla onlara qalib gəlməyim. Qənimətlər mənə halal edildi”. Bu hədisi ət-Tirmizi də rəvayət etmiş və həsən-səhih olduğunu bildirmişdir. (əl-Musnəd (5/248 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 22190, 22488. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4220). İmam Əhməd Əbu Musadan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Mənə beş xüsusiyyət verilmişdir. Rəngindən asılı olmayaraq, bütün insanlara göndərilmişəm. Yer üzü mənim üçün pak və namazgah edildi. Qənimətlər mənə halal edildi, halbuki məndən əvvəlkilərə halal deyildi. Bir aylıq məsafədən düşmənin qəlbinə qorxu salınmaqla mənə yardım olunmuşdur. Mənə şəfaət vermək hüququ verilmişdir. Məndən əvvəlki bütün peyğəmbərlər artıq şəfaət etmişlər, mən isə şəfaətimi saxlamışam və Qiyamət günü Allaha şərik qoşmayaraq ölən kəslər üçün şəfaətçi olacağam”. Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (əl-Musnəd (4/416 Hələbi nəşri), əz-Zəvaid (8/258). (Əhməd Şakir). Əhməd, 19750, 19973. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1/316-317)
Uca Allah buyurur: “Siz Allahın izni ilə düşmənlərinizi qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah onlara zəfəri vəd vermişdi”.
Bu ayəni daha əvvəl keçən: “O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək köməyinizə çatması sizə yetməzmi?” Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və elə indi onlar sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər” (“Ali-İmran”, 124-125) ayələrinin təfsirində deyilən iki rəydən birinə – mələklərin Uhud döyüşündə nazil olmasına dəlil gətirmək olar. Çünki Uhud döyüşündə düşmənlər üç min nəfər idi. İki ordu qarşılaşdıqda günün əvvəlində zəfər müsəlmanların idi. Lakin oxçular Peyğəmbərin ﷺ əmrinə asi olduqlarına görə və bəzi döyüşçülər zəiflik göstərdiklərinə görə Uca Allahın sabit olmaq və itaət etmək şərtlərinə bağlı olan vədi gecikdi. (Əvvəl keçən 124-129-cu ayələrin təfsirinə bax) Bu səbəbdən Uca Allah buyurur: “Siz Allahın izni ilə”, yəni Allahın sizi onlar üzərində qalib etməsi ilə “düşmənlərinizi qırıb-çatdığınız zaman”, yəni öldürdüyünüz zaman “Allah sizə verdiyi vədini yerinə yetirdi”, yəni günün əvvəlində sizi qalib etdi. “Nəhayət, Allah sizə istədiyiniz qələbəni göstərdikdən sonra”, yəni zəfəri göstərdikdən sonra “siz zəiflik göstərib”– İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Zəiflik dedikdə qorxaqlıq nəzərdə tutulur”. “Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz”– oxçuların etdiyi kimi. “İçərinizdən kimisi dünyanı”– bunlar düşmənin məğlub olduğunu görüb qənimət dalınca gedənlərdir “kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi”, yəni sizi imtahana çəkib sınamaq üçün qələbəni sizdən alıb onlara verdi. “O, artıq sizi əfv etdi”, yəni etdiyiniz bu əməli bağışladı. Çünki ən doğrusunu Allah bilir, düşmən sayca çox, silah-sursat baxımından daha güclü idi. Müsəlmanlar isə sayca az və silah-sursat baxımından daha zəif idilər. “Allah möminlərə qarşı lütfkardır”.
İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allah heç bir yerdə Uhud döyüşü günündə olduğu kimi yardım etməmişdir”. Bu bizə qəribə gəldi. İbn Abbas dedi: “Mənimlə mənim bu sözümü qəribə sayanlar arasında Uca Allahın Kitabı hakimdir. Uca Allah Uhud döyüşü günü “Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi” buyurur. İbn Abbas dedi: “Ayədə keçən الْحَسُّ [əl-həssu] sözünün mənası “öldürmək” deməkdir. “Nəhayət, O sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır”. Bu ayədə oxçular nəzərdə tutulur. Belə ki Peyğəmbər ﷺ oxçuları bir yerə yerləşdirdi və onlara “Bizi arxadan qoruyun! Bizim öldürüldüyümüzü görsəniz, belə bizə yardım etməyin. Bizim qələbə çalıb qənimət topladığımızı görsəniz isə bizə şərik olmayın!” buyurdu. Peyğəmbərlə olanlar qalib gəlib müşrik əsgərləri mövqelərindən qovduqda oxçuların hamısı düşmənin düşərgəsinə girib qənimət toplamağa başladılar və Peyğəmbərin səhabələrinin səfləri biri-birinə qarışdı. Onlar beləcə hədisi rəvayət edən barmaqlarını bir-birinə keçirdi, başları qənimət toplamağa qarışdığı zaman, oxçular isə tutduqları mövqeyi tərk etdikləri zaman düşmən atlıları arxa tərəfdən Peyğəmbərin səhabələrinə hücum etdi. Müsəlman ordusu çaşqınlığa düşdü və müsəlmanlardan bir çox adam şəhid oldu. Halbuki günün əvvəlində Peyğəmbər və səhabələri qalib idilər. Müşriklərin yeddi və ya doqquz bayraqdarı öldürüldü. Müsəlmanlar dağa tərəf çəkildilər, lakin, insanların dediyi kimi, mağaraya çatmamışdılar. Mihras (Uhud dağının aşağı tərəfində yerləşən yer adıdır. Hal-hazırda Həmzənin (Allah ondan razı olsun) qəbri bu yerdə yerləşir. ) deyilən yerə çatdıqda şeytan “Muhəmməd öldürüldü” deyə qışqırdı. Bu xəbərin doğru olub-olmamasına belə şübhə edilmədi. Biz bu xəbərin doğru olduğunu sandığımız bir vaxtda Peyğəmbər ﷺ Sadeyn deyilən yerdə görsəndi. Biz onu yeriyərkən sanki hündür yerdən enirmiş kimi ləngərləməsindən tanıdıq. Biz o qədər sevindik ki, sanki başımıza gələnlər heç olmamışdı. Peyğəmbər ﷺ bizə tərəf gəlir və belə deyirdi: “Allahın Elçisinin üzünü qana bulayan qövmə Allah bərk qəzəblənmişdir”. Həmçinin deyirdi: “Allahım, əlbəttə, onlar bizə üstün gələ bilməyəcəklər”. Nəhayət, Peyğəmbər bizim yanımıza çatdı və orada bir müddət qaldı. Birdən Əbu Sufyan dağın aşağı tərəfindən iki dəfə qışqırdı: “Yaşasın Hubəl! (Kəbənin içinə yerləşdirilmiş, Kinanə qəbiləsinin sitayiş etdiyi bütün adıdır)” Belə deməklə, ibadət etdiyi ilahı nəzərdə tuturdu. Sonra dedi: “İbn Əbu Kəbşə haradadır? İbn Əbu Quhəfə (Əbu Bəkr) haradadır? İbn əl-Xattab (Ömər) haradadır?” Ömər dedi: “Ey Allahın Elçisi, cavab verməyimmi?” Peyğəmbər ﷺ “Bəli, cavab ver!” buyurdu. Əbu Sufyan “Yaşasın Hubəl!” dedikdə Ömər “Allah (hər şeydən) uca və uludur!” Əbu Sufyan dedi: “Ey Ömər! Hubəl “Bəli” dedi və cavabı doğru çıxdı, onu pisləmə (Qureyşlilər bir işin dalınca getmək istədikdə iki ox götürüb birinə “bəli”, digərinə isə “xeyr” yazırdılar. Sonra hər hansı bir bütə yaxınlaşıb oxlardan birini çəkərdilər. Üzərinə “bəli” yazılan ox çıxdıqda işin dalınca gedərdilər, “xeyr” yazılan ox çıxdıqda isə bu işi tərk edərdilər. Əbu Sufyan da Uhud döyüşünə çıxmaq istədiyi zaman bir oxa “bəli” digərinə “xeyr” yazmışdı və Hubəlin yanında oxu çəkdiyi zaman “bəli” çıxmışdı. Əbu Sufyanın “Hubəl “Bəli” dedi və cavabı doğru çıxdı” sözünün mənası da budur. (Bax: İbn əl-Əsir “ən-Nihayə fi Ğaribil-Hədis” 4/158)”. Sonra Əbu Sufyan yenə “İbn Əbu Kəbşə hanı? İbn Əbu Quhəfə hanı? Hanı İbn əl-Xattab?” dedi. Ömər “Bu Allahın Elçisi, bu Əbu Bəkr, bu da mən Ömər” deyə cavab verdi. Əbu Sufyan dedi: “Bu gün, Bədr gününün əvəzidir. (Bilin ki,) günlər dəyişkəndir, döyüş isə gah sizin lehinizə, gah da əleyhinizədir”. Ömər dedi: “Heç də bərabər deyilik, bizim ölülərimiz Cənnətdə, sizin ölüləriniz isə Cəhənnəmdədir”. Əbu Sufyan dedi: “Bu, sadəcə, sizin iddianızdır. Elə olsaydı, naümid qalardıq və ziyana uğrayardıq. Siz ölülərinizin eybəcər hala salınmış olduğunu görəcəksiniz. Hərçənd bu bizim böyüklərimizin fikri deyildi”. Sonra cahiliyyət hisləri onu üstələdi və dedi: “Belə olsa da, biz bunu pis görməzdik”.  Bu hədis ğaribdir və bu formada rəvayət olunması qəribədir. Hədis İbn Abbasın (Allah ondan razı olsun) rəvayətlərindəndir. Halbuki nə o, nə də atası Uhud döyüşündə iştirak etməmişlər. Hədisi əl-Hakim, İbn Əbu Hatim və əl-Beyhəqi “Dələilun-Nubuvvə” (Peyğəmbərliyin əlamətləri) əsərində rəvayət etmişlər. “Səhih” əsərlərində və digər kitablarda bu hədisin bəzi yerlərini təsdiq edən hədislər var. (əl-Musnəd (2609). (Əhməd Şakir). Əhməd, 2609; əl-Hakim, 3163. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir) İmam Əhməd İbn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uhud döyüşündə müsəlman qadınlar da ordunun arxasında iştirak edirdilər. Onlar müşriklərin yaralılarının işlərini bitirirdilər (öldürürdülər). And içsəm, doğru olar ki, o gün Uca Allah “İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi” ayəsini nazil edənə qədər bizdən dünyanı arzulayan heç kim yox idi. Peyğəmbərin səhabələri onun itaətindən çıxıb əmrinə asi olduqda Peyğəmbərin yanında doqquz kişi qaldı. (Oxçular Peyğəmbərin ﷺ əmrindən çıxıb mövqelərini tərk etdikdə, düşmən arxa tərəfdən müsəlmanlara hücuma keçdi və ordu arasında çaşqınlıq yarandı. Bu vaxt şeytan “Muhəmməd öldürüldü” deyə səsləndi. Səhabələr canlarını qurtarmaq üçün səpələndilər və bu vaxt Peyğəmbərin ﷺ yanında doqquz kişi qalmışdı) Onlardan ikisi Qureyşdən, yeddisi ənsardan idi. Peyğəmbər ﷺ isə onuncu idi. Müşriklər onların olduqları yerə yaxınlaşdıqda Peyğəmbər ﷺ dedi: “Onları bizdən uzaqlaşdırana Allah rəhm etsin!” Ənsardan biri qalxdı və şəhid edilənə qədər vuruşdu. Müşriklər yenə yaxınlaşdıqda Peyğəmbər ﷺ dedi: “Onları bizdən uzaqlaşdırana Allah rəhm etsin!” Peyğəmbər onunla olanlardan yeddisi öldürülənə qədər belə deməyə davam etdi. Sonra Peyğəmbər yanında qalan iki Qureyşliyə dedi: “Yoldaşlarımıza qarşı insaflı davranmadıq (Yəni qureyşlilər döyüşə çıxmadılar. Döyüşə çıxanların hamısı ənsarlardan oldu)”. Sonra Əbu Sufyan gəldi və dedi: “Yaşasın Hubəl!” Peyğəmbər ﷺ dedi: “Siz “Allah (hər şeydən) uca və uludur!” deyin!” Səhabələri də “Allah (hər şeydən) uca və uludur!” dedilər. Əbu Sufyan “Bizim Uzzamız (Bu, qadına bənzədilmiş bütün adıdır) var, sizin isə belə bir bütünüz yoxdur!” dedi. Peyğəmbər ﷺ dedi: “Siz “Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur” deyin!” Sonra Əbu Sufyan “Bu gün Bədr gününün əvəzidir. O gün əleyhimizə olsa da, bu gün lehimizədir. O gün kədərlənsək də, bu gün sevinirik. Hənzaləyə qarşılıq Hənzalə, filankəsə qarşılıq filankəs, filankəsə qarşılıq isə filankəsdir” dedi. Peyğəmbər ﷺ dedi: “Heç də bərabər deyilik. Bizim ölülərimiz diridir, Rəbləri yanında onlara ruzi verilir. Sizinkilər isə oddadır, onlara əzab verilir”. Əbu Sufyan dedi: “Qövmümdə sizin ölülərinizi eybəcər hala salanlar olmuşdur, lakin bu bizim başçılarımızın məsləhəti ilə olmamışdır. Mən belə bir şeyi nə əmr etmişəm, nə də qadağan etmişəm, nə istəmişəm, nə də nifrət etmişəm. Bu mənə nə pis təsir edib, nə də məni sevindirməyib”. İbn Məsud dedi: “Bir də baxıb gördülər ki, Həmzənin qarnı deşilmiş və Hind onun qaraciyərini çıxarıb çeynəmiş, lakin yeyə bilməmişdir. Peyğəmbər ﷺ soruşdu: “Bir şey yeyə bilmişmi?” Səhabələr “Xeyr” dedilər. Peyğəmbər dedi: “Allah Həmzənin heç bir yerini Cəhənnəmə salmaz”. Peyğəmbər Həmzəni yerə qoydu və ona cənazə namazı qıldı. Sonra ənsardan olan bir kişi gətirildi və Həmzənin yanına qoyuldu. Peyğəmbər ﷺ onun üçün də cənazə namazı qıldı. Ənsarlı kişini apardılar, Həmzəni isə saxladılar. Sonra başqa bir şəhidi gətirib Həmzənin yanına qoydular və Peyğəmbər onlara cənazə namazı qıldı. Bu kişini də apardılar, Həmzə isə yenə qaldı. Beləcə Peyğəmbər o gün Həmzəyə yetmiş dəfə cənazə namazı qıldı”.  Bu hədisi də yalnız Əhməd rəvayət etmişdir. (əl-Musnəd (4414). (Əhməd Şakir). Əhməd, 4414. Şueyb əl-Arnavut hədisin həsən li-ğeyrihi olduğunu bildirmişdir)
əl-Buxari Bəra ibn Azibin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “O gün (Uhud döyüşündə) müşriklərlə qarşılaşdıq. Peyğəmbər ﷺ oxçulardan ibarət dəstəni bir mövqeyə yerləşdirdi və onlara Abdullah ibn Cubeyri başçı təyin edərək dedi: “Yerinizdən ayrılmayın! Bizim düşmənə qalib gəldiyimizi görsəniz belə, yerinizdən ayrılmayın! Düşmənin bizə qalib gəldiyini görsəniz belə, bizə yardım etməyə gəlməyin!” Onlar ilk həmlədə qaçmağa başladılar. Biz qadınların (Bunlar müşriklərin özləri ilə gətirdikləri qadınlar idi) paltarlarının ətəyini əllərinə alıb qaçdığını gördük. Onların xalxalları (Keçmişdə qadınların yaraşıq üçün topuqlarına taxdıqları gümüş, qızıl və digər şeylərdən düzəldilmiş zınqırovlu halqa, bilərzik) və ayaqları görünürdü. Bu vaxt Abdullah ibn Cubeyrin dəstəsindəki oxçular “Qənimət! Ay camaat, qənimət!” dedilər. Abdullah ibn Cubeyr dedi: “Peyğəmbər ﷺ mənə tapşırıb ki, yerimizdən ayrılmayaq”. Onlar isə ona qulaq asmadılar. Bu səbəbdən Allah qələbəni onlardan aldı və düşmən əks hücuma keçdi. Müsəlmanlardan yetmiş nəfər şəhid oldu. (Müsəlmanlar geri çəkildikdən sonra) Əbu Süfyan onlara yaxınlaşdı və qışqıraraq dedi: “Muhəmməd aranızdadırmı?” Peyğəmbər ﷺ dedi: “Ona cavab verməyin!” O, yenə qışqırıb dedi: “Əbu Quhafənin oğlu (Əbu Bəkr) aranızdadırmı?” Peyğəmbər ﷺ dedi: “Ona cavab verməyin!” O, yenə qışqırıb dedi: “Xəttabın oğlu (Ömər) aranızdadırmı?” Müşriklərdən biri ona dedi: “Bu üçü artıq öldürülmüşdür. Əgər sağ olsaydılar, cavab verərdilər”. Onda Ömər özünü saxlaya bilməyib dedi: “Yalan danışdın, ey Allahın düşməni! Allahın səni rəzil edəcəyi günlər hələ qabaqdadır”. Sonra Əbu Süfyan təntənəli surətdə “Yaşasın Hubəl! Yaşasın Hubəl!” deyə qışqırdı. Peyğəmbər (əshabələrinə): “Onun cavabını verin!”- deyə buyurdu. Əshabələr soruşdular: “Nə deyək?” Peyğəmbər ﷺ buyurdu: “Deyin: “Allah (hər şeydən) uca və uludur!” Əbu Süfyan dedi: “Bizim Uzzamız var, sizin isə belə bir bütünüz yoxdur!” Peyğəmbər “Onun cavabını verin!” deyə buyurdu. Əshabələr soruşdular: “Nə deyək?” Peyğəmbər ﷺ buyurdu: “Deyin: “Allah bizim himayədarımızdır, sizin isə himayədarınız yoxdur!” Əbu Süfyan dedi: “Bu gün Bədr gününün əvəzidir. (Bilin ki,) döyüş dəyişkəndir. Siz ölülərinizin eybəcər hala salınmış olduğunu görəcəksiniz. Hərçənd bunu mən əmr etməmişəm, lakin bu məni heç kədərləndirmir də”. (Fəthul-Bari (7/269-272). (Əhməd Şakir). əl-Buxari, 3737, 4443).
Uca Allah buyurur: “Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi”. əl-Buxari Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, əmisi Ənəs ibn ən-Nədr Bədr döyüşündə iştirak edə bilməmişdi. Bu səbəbdən Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, Mən sənin müşriklərə qarşı apardığın ilk döyüşdə iştirak etməmişəm. Allah (nə vaxtsa) onlara qarşı döyüşməyi mənə nəsib edərsə, mənim necə vuruşacağımı görəcək”. Uhud döyüşündə müsəlmanlar məğlub olarkən əmim dedi: “Allahım, mən bunların, yəni əshabələrin, etdiklərinə (xətalarına) görə Səndən üzr diləyirəm və onların, yəni müşriklərin etdiklərindən (günahlardan) Sənə sığınıram!” Sonra o, qılıncı ilə döyüşə atıldı. (İrəlidə o,) Səd ibn Muazla rastlaşdı və dedi: “Ey Səd ibn Muaz! Cənnətə və Nədrin Rəbbinə (qovuşmaq istəyirəm). Mən Uhud tərəfdən (gələn) Cənnətin iyini duyuram”. Sonra irəli atıldı və şəhid oldu. Ənəs demişdir: “Biz onu ölənlərin arasında tapdıq. Müşriklər onun cəsədini elə tanınmaz hala salmışdılar ki, bacısından başqa heç kəs onu tanımadı. Bacısı onu barmaqlarının ucundan və ya paltarından tanıdı. Onun üzərində səksəndən çox qılınc, nizə və ox yarası var idi”. Oxşar hədisi Muslim də rəvayət etmişdir. (Fəthul-Bari (7/274). (Əhməd Şakir). Hədisin davamında deyilir: “Biz yəqin bilirdik ki, bu ayə onun və onun kimilərinin barəsində nazil olmuşdur: “Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər”. (əl-Buxari, 2595, 2805-2806).
Uca Allah buyurur: “O zaman Peyğəmbər arxanızdan – düşmənə yaxın olan sıralardan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düşməndən qaçırdınız”, yəni Allah sizin üzünüzü onlardan döndərdiyi zaman siz düşməndən dağa doğru qaçırdınız. Dəhşətdən və qorxudan heç kəsə dönüb baxmırdınız. Peyğəmbəri arxanızda qoymuşdunuz. O isə sizi arxadan düşməndən qaçmamağa, qayıtmağa və yenidən hücum etməyə çağırırdı. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ əli ilə ön dişlərinə işarə edib demişdir: “Allahın Elçisinə bunu edən millətə Allah bərk qəzəblənmişdir. Peyğəmbərin öz əlləri ilə Allah yolunda öldürdüyü kimsəyə Allah bərk qəzəblənmişdir”. (Fəthul-Bari (7/286), Muslim (2/67). Bu hədis əslində əl-Musnəd əsərində (8198) keçən Həmməm ibn Munəbbihin səhifələrində qeyd olunmuş iki hədisdir. (Əhməd Şakir). əl-Buxari, 3765, 4073; Muslim, 3348, 4749) əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allahın Elçisinin şəxsən Allah yolunda öldürdüyü kimsəyə Allah bərk qəzəblənmişdir. Allahın Elçisinin üzünü qana bulaşdıran qövmə Allah bərk qəzəblənmişdir”. (əl-Buxari, 3766, 4074) İbn İshaq demişdir: “Peyğəmbərin o gün ön dişlərindən biri qırılmış, o, yanağından və dodağından yaralanmışdı. Peyğəmbəri ﷺ yaralayan Utbə ibn Əbu Vaqqas idi”.
əl-Vaqidi demişdir: “Bizə çatan məlumata görə, Peyğəmbərin ﷺ yanaqlarını qana bulayan İbn Qamiə, dodağını yaralayan və ön dişlərindən birini qıran isə Utbə ibn Əbu Vəqqas olmuşdur”.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunur ki, bir dəfə Səhl ibn Saddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ yaralanması barədə soruşdular. O dedi: “Peyğəmbərin ﷺ üzü yaralanmış, ön dişlərindən biri qırılmış və başındakı dəbilqəsi əzilmişdi. (O zaman) Əli qalxanının içində su gətirir, Fatimə (Allah ondan razı olsun) də (Peyğəmbərin) üzündəki qanı yuyurdu. Fatimə suyun qanı daha da artırdığını gördükdə, bir həsir parçası götürdü onu yandırdı, kül olduqda külü yaraya basdı və qan kəsildi”. (əl-Buxari, 3767, 4075).
Uca Allah buyurur: “Allah da qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı”, – ayədə gələnبِـ  [bi] önqoşması “üstünə” mənasını verir. Necə ki Uca Allahın “Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm” (“Taha”, 71) ayəsində في [fi] önqoşması “üzərində” mənasını vermişdir. Yəni xurma ağaclarının gövdələrinin üzərində çarmıxa çəkəcəyəm. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Birinci qəm müsəlmanların məğlub olmaları və “Muhəmməd öldürüldü” deyilməsi, ikinci qəm isə dağın üstündə müşriklərin onlardan yuxarıda olmasıdır. Bu səbəbdən Peyğəmbər ﷺ “Allahım, onları bizdən üstün etmə!”- dedi”. (ət-Tabərani “Musnədiş-Şamiyyin” 967; ət-Tabəri, 7983, 8023) Abdur-Rahmən ibn Auf (Allah ondan razı olsun) demişdir: “Birinci qəm məğlubiyyət səbəbi ilə, ikincisi isə “Muhəmməd öldürüldü” deyilməsi səbəbindən idi. Bu, müsəlmanlara məğlubiyyətdən daha ağır gəlmişdi”. (əs-Suyuti “Durrul-Mənsur” 4/75; əş-Şəukəni “Fəthul-Qadir” 2/37) Hər iki rəyi İbn Mərdəveyh rəvayət etmişdir. İbn Cərir demişdir: “Bu rəylərdən doğruya ən yaxın olanı ayəni bu şəkildə təfsir edənlərdir: “Ey möminlər! Allah sizə istədiyiniz qələbəni göstərdikdən sonra Rəbbinizə asi olub, Peyğəmbərin ﷺ əmrindən çıxdığınıza görə Allah sizi müşriklərə qalib gəlməkdən və qənimət əldə etməkdən məhrum etməklə, həmçinin sizdən ölü və yaralıların olması ilə qəmə düçar etməklə, üstəlik Peyğəmbərinizin ﷺ öldürüldüyünü zənn etməyinizdən, bir də düşmən qarşısında məğlub olub qaçdıqdan sonra düşmənlərin təkrar sizə tərəf gəlməsindən doğan bir qəmlə də cəzalandırdı”.
Uca Allah buyurur: “...əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz”. İbn Abbas və başqaları bu ayənin təfsirində demişlər: “Yəni əlinizdən çıxan qənimətlərə, başınıza gələn ölüm və yaralanmağa görə kədərlənməyəsiniz deyə, Allah qəminizin üzərinə qəm artırdı. “Allah etdiklərinizdən xəbərdardır”.
 
Ali-İmran, 154-155
ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَى طَائِفَةً مِنْكُمْ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ * إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
154. Sonra bu qəm-qüssənin ardınca Allah sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də öz canlarının hayına qalaraq “Bu işdə bizim üçün bir xeyir varmı?” deyə Allah barəsində haqsız yerə, cahiliyyə dövründəkinə bənzər zənnə qapıldılar. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz içərilərində gizlədərək “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”.
155. Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri şeytan qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. Buna baxmayaraq, Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir.

 
Uca Allah bu ayədə qullarına nemətini xatırladaraq onlara arxayınlıq və əmin-amanlıq hissi endirdiyini bildirir. Bu arxayınlıq onların qəm-qüssə içində və silahlı olduqları halda mürgüləmələri idi. Belə hallarda (döyüşdə) mürgüləmək arxayınlıq əlamətidir. Necə ki Uca Allah “əl-Ənfal” surəsində Bədr döyüşünü xatırladaraq buyurur: “O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmişdi” (“əl-Ənfal”, 11). İbn Əbu Hatim Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Döyüşdə mürgüləmək Allah tərəfindən, namazda mürgüləmək isə şeytandandır”. (Hədisin isnadı səhihdir. Hədis zahirən İbn Məsudun (Allah ondan razı olsun) sözü olsa da, Peyğəmbərə ﷺ nisbət olunmuş hədis hökmündədir. (Əhməd Şakir). İbn Əbu Hatim, 4360).
əl-Buxari Əbu Talhadan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uhud günü səflərdə durarkən bizə mürgü gəlirdi. Mürgü o dərəcədə idi ki, qılıncım əlimdən yerə düşürdü. Mən onu  götürürdüm, yenə düşürdü, yenə götürürdüm”. (əl-Buxari, 3768, 4061) Oxşar hədisi ət-Tirmizi, ən-Nəsəi və əl-Hakim də rəvayət etmişlər. Uca Allahın ayədə qeyd etdiyi ikinci dəstəyə – münafiqlərə gəlincə, onlar ancaq özlərini düşünürdülər. Dəstənin ən qorxaqları və haqdan ən uzaq olanları onlar idi. Onlar “Allah barəsində haqsız yerə, cahiliyyə dövründəkinə bənzər zənnə qapıldılar”. Uca Allah barədə şəkk və şübhə içində idilər. Uca Allah belə buyurur: “Sonra bu qəm-qüssənin ardınca Allah sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi”, yəni bu qisim insanlar həqiqi iman, sabitlik və təvəkkül sahibləri idilər. Onlar Allahın Öz Peyğəmbərinə ﷺ mütləq qələbə verəcəyinə və onun ümidlərini yerinə yetirəcəyinə yəqin inanırdılar. Sonra Uca Allah buyurur: “Bir dəstə də öz canlarının hayına qalaraq”, yəni narahatçılıq, həyəcan və qorxu səbəbindən mürgü onları bürüməmişdi. “Allah barəsində haqsız yerə cahiliyyə dövründəkinə bənzər zənnə qapıldılar”. Necə ki başqa bir ayədə “Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, şeytan tərəfindən qəlbinizdə bəzədilmişdi. Siz pis zənnə düşüb məhvə məhkum adamlar oldunuz” (“əl-Fəth”, 12) buyurur. Bunlar da belə zənn etdilər. Müşriklərin həmin vaxt qalib gəldiyini gördükdə hər şeyin bitdiyini, İslamın və müsəlmanların artıq yox olduğunu düşündülər. Şəkk və şübhə əhlinin halı həmişə belə olur. Qorxulu bir hadisə baş verdikdə dərhal pis zənnə qapılarlar.
Sonra Uca Allah onların bu halda belə dediklərini xəbər verir: “Bu işdə bizim üçün bir xeyir varmı?” Uca Allah onlara cavab olaraq buyurur: “De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz içərilərində gizlədərək...” Sonra Uca Allah onların içlərində gizlətdiklərini açıqlayaraq “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” deyirlər” buyurur. Yəni bu sözü Allah Elçisindən ﷺ gizlədirdilər. Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) demişdir: “Atam əz-Zubeyr belə söyləmişdir: “Uhud döyüşü günü Peyğəmbərlə ﷺ bir yerdə idik. Bizdə ölüm qorxusu artan zaman Uca Allah bizə bir mürgü göndərdi və hamımız çənəsi sinəsinə düşmüş vəziyyətdə mürgüləməyə başladıq. Allaha and olsun ki, mən Muattəb ibn Quşeyrin “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik!” dediyini yuxu kimi eşidirdim. Mən onun dediklərini əzbərlədim. Sonra isə Uca Allah Muattəbin bu sözünə görə bu ayəni nazil etdi: “Onlar sənə açıb demədiklərini öz içərilərində gizlədərək “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”- deyirlər”. Hədisi İbn Əbu Hatim rəvayət etmişdir. (Əhməd Şakir hədisin isnadının səhih olduğunu bildirmişdir. İbn Əbu Hatim, 4373. İbn Həcər “Mətalibul-Aliyə” 4/219; əl-Beyhəqi “Dələil ən-Nubuvvə” 3/273. Hədis həsəndir. Bax: əl-İstiyəb, səh. 315-316).
Uca Allah buyurur: “De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər”, yəni de ki: “Bu Allahın təqdir etdiyi bir qədərdir. Qurtulması və qaçılması mümkün olmayan bir hökmdür”.
Uca Allah buyurur: “Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi”, yəni bu başınıza gələnlər sizi sınamaq, murdarı təmizdən ayırmaq, söz və əməldə mömin ilə münafiq olanları insanlara göstərmək üçündür. “Allah kökslərdə olanları bilir”, yəni Allah kökslərdə olan sirləri və məqsədləri bilir.
Sonra Uca Allah buyurur: “Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri şeytan qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi”, yəni daha əvvəl etdikləri bəzi günahlarına görə şeytan onları səhvə sövq etdi. Sələflərdən bəziləri belə demişlər: “Yaxşılığın mükafatı, bu yaxşılıqdan sonra başqa bir yaxşılığa müvəffəq olunmaq, günahın cəzası isə bu günahdan sonra başqa bir günah işləməkdir”.
Sonra Uca Allah buyurur: “Buna baxmayaraq, Allah onları bağışladı”, yəni Allah məğlub olub qaçanların bu səhvini bağışladı. “Həqiqətən, Allah bağışlayandır, həlimdir”, yəni günahları bağışlayır, yaratdıqlarına qarşı həlimdir, onların günahlarından keçir. İmam Əhməd Asimdən, o da Şəqiqdən rəvayət etmişdir ki, bir dəfə Abdur-Rahmən ibn Auf Valid ibn Uqbə ilə qarşılaşdı. Valid ona dedi: “Nə üçün möminlərin əmiri Osmana qarşı sərtsən?” Abdur-Rahmən dedi: “Mən Ayneyn günü (Uhud günü) qaçmadım. Bədr döyüşündə arxada (Mədinədə) qalmadım və Ömərin sünnəsini tərk etmədim”. Valid bunları Osmana çatdırdı. Osman dedi: “Abdur-Rahmənin “Mən Ayneyn günü qaçmadım” sözünə gəlincə, Allahın artıq bağışladığı günahı o mənə necə eyib tuta bilər? Uca Allah buyurur: “Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri şeytan qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. Buna baxmayaraq, Allah onları bağışladı”. Mənim Bədr döyüşündə iştirak etməməyimə gəlincə, mən Peyğəmbərin qızı Ruqeyyə  xəstə olduğu üçün vəfat edənə qədər ona baxmaqla məşğul idim. Peyğəmbər ﷺ döyüşdə iştirak etməməyimə baxmayaraq, əldə olunan qənimətdən mənə də pay ayırdı. Peyğəmbərin ﷺ qənimətdən pay ayırdığı kimsə döyüşdə iştirak etmişdir. Abdur-Rahmənin “Mən Ömərin sünnəsini tərk etmişəm” sözünə gəlincə isə ona nə mənim, nə də onun gücü çatar. Get bunları ona xəbər ver!” (əl-Musnəd (490). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 490. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir).
 
Ali-İmran, 156-158
 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَوْ كَانُوا عِنْدَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ * وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ * وَلَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ
156. Ey iman gətirənlər! Yer üzündə səfərə çıxmış və ya döyüşə getmiş qardaşları barəsində “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər” deyən kafirlər kimi olmayın! Allah bu qənaəti onların qəlblərində bir həsrət olsun deyə yaratdı. Halbuki dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.
157. Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın
məğfirəti və rəhməti onların topladıqları şeylərdən daha xeyirlidir.
158. Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız.

 
Uca Allah bu ayələrdə mömin qullarına batil inanclara sahib olan kafirlərə bənzəməyi qadağan edir. Onların səfərlərdə və döyüşlərdə ölən qardaşları barədə “Əgər səfərə və döyüşə çıxmasaydılar, ölməzdilər” demələri inanclarının batil olmasına dəlalət edir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Yer üzündə səfərə çıxmış və ya döyüşə getmiş qardaşları barəsində “Əgər onlar bizim yanımızda”, yəni şəhərdə “olsaydılar, nə ölər, nə də öldürülərdilər” deyən kafirlər kimi olmayın!”, yəni nə səfərdə ölməzdilər, nə də döyüşdə öldürülməzdilər.
Uca Allah buyurur: “Allah bu qənaəti onların qəlblərində bir həsrət olsun deyə yaratdı”, yəni Allah bu inancı onların qəlblərində yaratdı ki, yoldaşlarının ölmələrinə və ya öldürülmələrinə görə həsrətləri və kədərləri daha da artsın. Sonra Uca Allah onların bu sözlərini rədd edərək buyurur: “Halbuki dirildən də, öldürən də Allahdır”, yəni bütün məxluqat Onun əlindədir. Bütün işlər Ona qayıdır. Onun istəyi və qədəri olmadan heç kəs nə yaşaya, nə də ölə bilməz. Onun qəza və qədəri olmadan heç kəsin ömrü nə artar, nə də azalar. “Allah nə etdiklərinizi görür”, yəni Onun hər şeyi bilməsi və görməsi bütün məxluqatı əhatə etmişdir və yaratdıqlarının heç bir işi Ona gizli qalmaz.
Uca Allah buyurur: “Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şeylərdən daha xeyirlidir”. Bu ayə dəlalət edir ki, Allah yolunda öldürülmək və ya ölmək Allahın rəhmətinə, bağışlamasına və razılığına nail olmağa bir vəsilədir və bu, dünyada qalıb onun fani mal-dövlətini yığmaqdan daha xeyirlidir.
Sonra Uca Allah ölən ya da öldürülən hər bir kəsin qayıdacaq yerinin Allahın hüzuru olduğunu, Allahın da hər kəsi əməlinə görə - xeyri xeyirlə, şəri isə şərlə cəzalandıracağını xəbər verərək buyurur: “Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız”.
 
Ali-İmran, 159-164
فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ * إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ * وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ * أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ * هُمْ دَرَجَاتٌ عِنْدَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ * لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ
159. Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
160. Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər!
161. Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə əməllərinin əvəzi tam verilər və onlara zülm edilməz.
162. Allahın rizasını qazanmağa can atan kəs Allahın qəzəbinə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bilərmi? Ora nə pis qayıdış yeridir!
163. Onlar Allah yanında ayrı-ayrı dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!
164. Allah möminlərə onların öz içərisindən Elçi göndərməklə lütf göstərdi. Bu Elçi onlara Allahın ayələrini oxuyur, onları günahlardan təmizləyir, onlara Kitabı və hikməti öyrədir. Halbuki bundan öncə onlar açıq-aydın azğınlıq içərisində idilər.

 
Uca Allah bu ayədə Peyğəmbərinə ﷺ və möminlərə nemətini xatırladaraq Peyğəmbərin qəlbini Allahın əmrlərinə tabe olan, qadağalarından çəkinən etdiyini, həmçinin onun qəlbini ümmətinə qarşı yumşaltdığını və onlarla rəftarını gözəlləşdirdiyini xəbər verərək buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin”, yəni Allahın sənə və onlara mərhəməti olmasaydı, səni onlara qarşı mülayim edən nə olardı? Qatədə demişdir: “Uca Allah bu ayədə “Allahın mərhəməti ilə sən onlarla mülayim rəftar etdin” buyurur”. Ayədə keçən مَا [mə] sözü nisbi əvəzlikdir. Ərəblər bu sözü həm müəyyən, həm də qeyri-müəyyən isimlərlə işlədirlər. Müəyyən isimlə işlənməsinə misal Uca Allahın bu ayəsidir: فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ  [fəbimə: nəqdihim mi:sə:qahum] “Onlar əhdlərini pozduqlarına görə...” (“ən-Nisa”, 155; “əl-Maid”ə, 13). Qeyri-müəyyən isimlə işlənməsinə misal isə Uca Allahın bu ayəsidir: عَمَّا قَلِيلٍ  [ammə: qali:lin] “Onlar tezliklə peşman olacaqlar!” (“əl-Muminun”, 40). Bu ayədə isə belədir: فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ  [fəbimə: rahmətin minəlla:hi lintə ləhum] “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin”. əl-Həsən əl-Bəsri demişdir: “Bu, Muhəmmədin ﷺ əxlaqıdır. Allah onu bu xasiyyətlə peyğəmbər göndərmişdir”. Bu ayə Uca Allahın bu sözünə bənzəyir: “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (“ət-Tövbə”, 128).
Sonra Uca Allah buyurur: “Əgər kobud və daşqəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər”. “Kobud”– sərt deməkdir. Burada, danışıqda kobudluq nəzərdə tutulur, çünki bundan sonra Uca Allah “daş qəlbli” buyurur. Yəni əgər danışığında kobud, ətrafındakılara qarşı sərt qəlbli olsaydın, onlar sənin ətrafından dağılar və səni tərk edərdilər. Lakin Uca Allah onları sənin ətrafına topladı və qəlbləri sənə isinişsin deyə səni mülayim etdi. Necə ki Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir: “Əvvəlki müqəddəs kitablarda Peyğəmbərin ﷺ vəsfinin bu şəkildə olduğunu görmüşəm: “O nə kobud, nə də sərt qəlblidir. O, bazarlarda çığır-bağır salmaz, pisliyə pisliklə qarşılıq verməz, əksinə, bağışlayar və əfv edər”. (İbn Kəsir bununla “əl-Musnəd” əsərində (6622) olan hədisə işarə edir. Bu hədis tam şəkildə 119-120-ci ayələrin təfsirində keçdi və orada bildirdik ki, hədisi həmçinin əl-Buxari də rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 1981, 2125, 4838).
Bu səbəbdən Uca Allah “Elə isə onları əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş” buyurur. Peyğəmbər ﷺ bir iş baş verdikdə səhabələrinin könüllərini xoş etmək və etdikləri işi həvəslə yerinə yetirmələri üçün onlarla məsləhətləşərdi. Bədr döyüşündə Qureyş karvanına hücum etmək mövzusunda səhabələri ilə müşavirə etdi və onlar dedilər: “Ey Allahın Elçisi, əgər bizdən dənizi yarıb keçməyi istəsən, səninlə birlikdə dənizi yarıb keçərik. Əgər bizi Bərkul-Ğimədə aparsan, səninlə birlikdə gedərik. Biz sənə Musanın qövmünün ona “Sən get Rəbbinlə birlikdə onlara qarşı vuruş. Biz isə burada oturacağıq” dedikləri kimi deməyəcəyik. Əksinə, biz “Get, biz də səninlə birlikdəyik, sənin önündə, sağında və solundayıq” deyirik”. (Bu rəvayəti İbn Kəsir hədis kimi deyil, yadında qalanı mənaca rəvayət etmişdir. Rəvayətin əvvəli “əl-Musnəd” (12047, 12986, 13330, 13739) əsərində Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilən hədisin mənaca məzmunudur, sonu isə “əl-Musnəd” (3698, 4070, 4376) əsərində İbn Məsuddan rəvayət edilən hədisin mənaca məzmunudur. İbn Kəsirin “Tarix” əsərində (3/262-264) bu hadisə təfsilatlı şəkildə qeyd olunmuşdur. Bərkul-Ğiməd Yəməndə yer adıdır. (Əhməd Şakir). əl-Hakim, 5486. əl-Hakim demişdir: “Bu hədisin isnadı səhihdir, lakin (əl-Buxari və Muslim) rəvayət etməmişlər”. əz-Zəhəbi də səhih olduğunu bildirmişdir).
Həmçinin eyni döyüşdə düşərgə quracaqları yer məsələsində də onlarla məşvərət etmiş və “Ölümə tələsən” (Munzir əl-Xəzrəc qəbiləsindən idi. Bədr və Uhud döyüşlərində iştirak etmişdir. “Birr Məunə” döyüşündə şəhid olmuşdur. İbn Sad (3/2/100-101) demişdir: “Munzir ölmək üçün tələsdi”. Həmçinin demişdir: “Bilə-bilə ölümə getdi”. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 15488) ləqəbli Munzir ibn Amr dəstənin qabağına keçərək yerləşəcəkləri yeri göstərmişdi. Uhud döyüşündə də Peyğəmbər ﷺ Mədinədə qalmaq və ya düşmənə qarşı çıxmaq barəsində səhabələri ilə məşvərət etmiş və əksəriyyətin Mədinədən çıxmağın tərəfdarı olduğuna görə düşməni Mədinədən kənarda qarşılamışdı. Xəndək döyüşündə də Peyğəmbər ﷺ səhabələri ilə Mədinənin həmin ildə olan məhsulunun üçdə biri müqabilində düşmənlə sülh müqaviləsi bağlamaq mövzusunda məşvərət etmişdi. Lakin Sad ibn Muaz və Sad ibn Ubədə buna qarşı çıxdılar və Peyğəmbər ﷺ bu fikrindən daşındı. Peyğəmbər ﷺ Hudeybiyə sülhü bağlanan günü müşriklərlə döyüşmək mövzusunda da səhabələri ilə məşvərət etmişdi. Əbu Bəkr dedi: “Biz döyüşmək üçün deyil, ümrə etmək üçün çıxmışıq”. Peyğəmbər ﷺ onun dediyini qəbul edib döyüşdən imtina etdi. Peyğəmbər ﷺ Aişə barəsində yalan xəbər yayıldıqda dedi: “Ey müsəlmanlar, ailəmi ittiham edənlər barədə mənə məsləhət verin! Allaha and olsun ki, mən ailəmdən pis bir şey görmədim. Eləcə də ittiham olunan kişidən (Səfvan ibn Muattildən), Allaha and olsun ki, xeyirdən başqa bir şey görməmişəm”. (əl-Buxari (4750), Muslim (58) və ət-Tirmizinin (3180) rəvayət etdiyi uzun hədisin bir hissəsidir. Həmçinin hədis “əl-Musnəd” əsərindədir (6/59). (Əhməd Şakir).
Peyğəmbər ﷺ Aişədən ayrılıb-ayrılmamaq mövzusunda Əli və Usamə ilə məşvərət etdi. Peyğəmbər ﷺ döyüşlərdə və bu kimi mühüm məsələlərdə səhabələri ilə məşvərət edərdi. Məşvərət etməyin Peyğəmbərə ﷺ vacib və ya səhabələrinin qəlbini sevindirmək məqsədilə müstəhəb olması məsələsində fiqh alimləri ixtilaf edərək iki rəy irəli sürmüşlər.
əl-Hakim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “görəcəyin işlər barədə onlarla məsləhətləş” ayəsi barəsində demişdir: “Burada Əbu Bəkr və Ömər nəzərdə tutulur”. əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim (3/70). əz-Zəhəbi hədisin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 4436)
İmam Əhməd Abdur-Rahmən ibn Ğanəmdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Əbu Bəkir və Ömərə dedi: “Əgər siz hər hansısa bir məsələdə eyni fikirdə olsanız, mən sizə müxalif olmaram”. (əl-Musnəd (4/227 Hələbi nəşri). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 17995, 18023. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1008) İbn Məcə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Məşvərət edilən adam etibarlı adam sayılır”. Hədisi Əbu Davud və ət-Tirmizi də rəvayət etmişlər. ət-Tirmizi hədisin həsən olduğunu bildirmişdir. ən-Nəsəi hədisi daha geniş rəvayət etmişdir. (İbn Məcə (3745), ət-Tirmizi (4/25-26). İbn Kəsirin qeyd etdiyi kimi, ət-Tirmizi hədisin həsən olduğunu bildirməmişdir. Lakin bundan əvvəl (3/274-276) uzun bir hekayənin içində bu hədisi qeyd etmiş və “həsən-səhih-ğarib” olduğunu bildirmişdir. (Əhməd Şakir). Əbu Davud, 5130. Hədis səhihdir. Səhih əl-Cami, 6700) Həmçinin İbn Məcə Əbu Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Məşvərət edilən adam etibarlı adam sayılır”. Bu hədisi yalnız İbn Məcə rəvayət etmişdir. (İbn Məcə (3746). əl-Busiri “əz-Zəvaid” əsərində demişdir: “Əbu Məsudun hədisinin sənədi səhihdir. Raviləri etibarlıdır”. Həmçinin Əhməd “əl-Musnəd” əsərində (5/274 Hələbi nəşri) rəvayət etmişdir. Əbu Məsud - əl-Bədri, əl-Ənsaridir. Bəzi əlyazmalarda və çaplarda İbn Məsud yazılıb. Bu səhvdir. (Əhməd Şakir). İbn Məcə, 3746. Hədis səhihdir. Səhih əl-Cami, 6700).
Uca Allah buyurur: “Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”, yəni əgər bir işdə səhabələrlə məşvərət edib qəti bir qərara gəlsən, bu məsələdə Allaha təvəkkül et, çünki “Həqiqətən, Allah təvəkkül edənləri sevir”.
Uca Allah buyurur: “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?!” Bu ayə Uca Allahın “Zəfər ancaq Qüdrətli və Müdrik Allahdandır” (“Ali-İmran”, 126) ayəsi kimidir. Sonra Uca Allah möminlərə Ona təvəkkül etməyi əmr edərək “Qoy möminlər Allaha təvəkkül etsinlər!” buyurur.
Uca Allah buyurur: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”. İbn Abbas, Mucahid və başqaları bu ayənin təfsirində demişlər: “Yəni heç bir peyğəmbərə xəyanət etmək yaraşmaz”. İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Bədr döyüşü günü qənimətdən əldə olunan məxmər bir xalat itmişdi. Bəzi insanlar dedilər: “Ola bilsin ki, onu Allahın Elçisi ﷺ götürüb”. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz…”. (İbn Əbu Hatim, 4429; əl-Bəzzər, 2198. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2788). İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz…” ayəsi Bədr döyüşü günü itən qırmızı məxmər xalat barəsində nazil edilmişdir. Bəzi insanlar “Onu Peyğəmbər götürüb” dedilər və bu barədə söz-söhbət çoxaldı. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr”. (ət-Tabəri, 8136, 8178; Əbu Davud, 3971, 3973; ət-Tirmizi, 3012. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2788). Hədisi Əbu Davud, ət-Tirmizi və ət-Tabəri rəvayət etmişlər. ət-Tirmizi hədisi “həsən-ğarib” adlandırmışdır. Bəziləri hədisi “mursəl” (Mursəl: Bu kəlmə ( مُرْسَلٌ ) ərəbcə [ərsələ] ( أرْسَلَ ) felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu söz göndərilmiş, yollanmış və s. mənaları ifadə edir (Mucəmul-Vasit, səh. 344). İstilahi mənada isə – bu, o hədisdir ki, isnadının sonunda tabiindən sonra gələn (Peyğəmbərlə tabiin arasında olan) ravi buraxılmışdır (Tədrib ər-Ravi, 1/167; Təysir Mustələh əl-Hədis, səh. 71) olaraq rəvayət etmişlər. Oxşar hədis İbn Abbasdan (Allah ondan razı olsun) bir neçə formada rəvayət edilmişdir. Uca Allah bu ayə ilə Peyğəmbərin ﷺ əmanəti qaytararkən, qəniməti bölərkən və digər bu kimi işlərdə hər növ xəyanətdən uzaq olduğunu bildirir.
əl-Həsən əl-Bəsri, Tavus, Mucahid və əd-Dahhək ayəni أَنْ يُغَلَّ [ən yuğallə] “Heç bir Peyğəmbərə xəyanət olunmaq yaraşmaz” kimi oxumuşlar. Bəziləri bu qiraəti “Peyğəmbər xəyanətdə ittiham olunmaz” kimi də təfsir etmişlər. (Birinci qiraət أَنْ يَغُلَّ  [ən yəğullə] “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” İbn Kəsir, Əbu Amr və Asimin oxunuşudur. İkinci qiraət isə أَنْ يُغَلَّ [ən yuğallə] “Heç bir Peyğəmbərə xəyanət olunmaq yaraşmaz” yerdə qalan yeddi qarilərin oxunuşudur. (Əhməd Şakir).
Sonra Uca Allah buyurur: “Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr”. Bu, güclü təhdid və şiddətli xəbərdarlıqdır. Əmanətə xəyanətin qadağan olunması barədə çoxsaylı hədislər rəvayət olmuşdur. İmam Əhməd Əbu Malik əl-Əşcəidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah qatında ən böyük xəyanət bir ərəş (Dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü) torpağa xəyanət etməkdir. Torpaqda və ya evdə qonşu olan iki adam görərsiniz. Onlardan biri digərinin hissəsindən bir ərəş öz hissəsinə keçirər. Belə etsə, (öldükdən sonra) Qiyamət gününə qədər yeddi qat torpaq onun boynuna bükülər”. (əl-Musnəd (17321). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 17832, 17952. Hədis zəifdir. Bax: Daif əl-Cami, 958. Əbu Malik əl-Əşcəidən rəvayət olunan hədis zəif, Əbu Malik əl-Əşaridən rəvayət olunan hədis isə həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1869) Həmçinin İmam Əhməd əl-Mustəvrid ibn Şəddəddən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim bizim bir işimizi üzərinə götürsə, tabeliyində olan maldan evi yoxdursa, ev əldə etsin, arvadı yoxdursa, evlənsin, xidmətçisi yoxdursa, xidmətçi əldə etsin, miniyi yoxdursa minik əldə etsin. Bunlardan başqa bir şey əldə edən əmanətə xəyanət etmiş sayılır”. Oxşar hədisi Əbu Davud da rəvayət etmişdir. (əl-Musnəd (4/229 Hələbi nəşri), Əbu Davud (2945), əl-Munziri (2825). (Əhməd Şakir). Əhməd, 18044, 18178. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Sizlərdən birini Qiyamət günü yanında mələyən bir qoyunla gələn görməyim. O adam “Ey Muhəmməd, ey Muhəmməd” deyə çağıracaq. Mən də “Allah qatında sənə heç bir şeylə kömək edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm. Sizlərdən birini Qiyamət günü yanında nərildəyən bir dəvə ilə gələn görməyim. Adam “Ey Muhəmməd, ey Muhəmməd” deyə çağıracaq. Mən isə “Allah qatında sənə heç bir şeylə kömək edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm. Sizlərdən birini Qiyamət günü yanında kişnəyən bir atla gələn görməyim. Adam “Ey Muhəmməd, ey Muhəmməd” deyə çağıracaq. Mən isə “Allah qatında sənə heç bir şeylə kömək edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm. Sizlərdən birini Qiyamət günü yanında quru bir dəri ilə gələn görməyim. O adam da “Ey Muhəmməd, ey Muhəmməd” deyə çağıracaq. Mən isə “Allah qatında sənə heç bir şeylə kömək edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm”. Bu hədisi altı hədis kitablarının müəlliflərindən heç biri rəvayət etməmişlər. (ət-Tabəri (8158). İsnadı səhihdir. Hədisi İmam Əhməd də rəvayət etməmişdir. (Əhməd Şakir). əl-Bəzzər, 204; ət-Tabəri, 8200. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 2865; Səhih ət-Tərğib vət-Tərhib, 784).
İmam Əhməd Əbu Humeyd əs-Saididən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Əzd qəbiləsindən İbnul-Lutbiyyə adlanan bir kişini zəkat yığmaqla vəzifələndirmişdi. Kişi zəkat yığmaqdan qayıtdıqda “Bunlar sizindir, bunlar isə mənə hədiyyə edilmişdir” dedi. Peyğəmbər ﷺ bunu bildikdə minbərə çıxdı və dedi: “Zəkat toplamağa göndərdiyimiz məmura nə olub ki, gəlib “Bu sizin, bu da mənə hədiyyə edildi” deyir. Əgər ata-anasının evində otursaydı, baxardı görək ona hədiyyə verən olurdumu? Muhəmmədin canı Əlində Olana and olsun ki, sizlərdən biri zəkat malından bir şey götürsə, Qiyamət günü onu mütləq boynunda gətirəcək. Götürdüyü dəvə olmuşsa, nərildəyərək, inək olmuşsa, böyürərək, qoyun olmuşsa, mələyərək boynunda gətirəcək”. Sonra Peyğəmbər ﷺ əllərini yuxarı qaldırdı, hətta qoltuqlarının bəyazlığını gördük və üç dəfə “Allahım, catdırdımmı?”- dedi”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Musnəd (5/423-424 Hələbi nəşri), əl-Buxari (13/144-146 Fəthul-Bari), Muslim (2/83-84), ət-Tabəri (8159-8161). (Əhməd Şakir). əl-Buxari, 2597, 6464, 6979; Muslim, 3414; Əhməd, 23598, 23646, 23996).
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ bizim aramızda ayağa qalxıb əmanətə xəyanət etmək barəsində danışdı və bu əməlin olduqca böyük günah olduğunu vurğulayıb dedi: “Qiyamət günü heç biriniz boynunda nərildəyən bir dəvə ilə gəlib deməsin ki, “Ey Allahın Elçisi, mənə yardım et!” Mən cavabımda ona “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda kişnəyən bir atla gəlib deməsin ki, “Ey Allahın Elçisi, mənə yardım et!” Mən cavabımda ona “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda parıldayan bir paltarla gəlib deməsin ki, “Ey Allahın Elçisi, mənə yardım et!” Mən cavabımda ona “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda qızıl və gümüşlə gəlib deməsin ki, “Ey Allahın Elçisi, mənə yardım et!” Mən cavabımda ona “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən Allahın hökmünü sənə təbliğ etmişdim” deyəcəyəm”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Musnəd (9499), əl-Buxari (6/129 Fəthul-Bari), Muslim (2/83), ət-Tabəri (8155-8157). (Əhməd Şakir). Muslim, 3412, 4839. Əhməd, 9503, 9499. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7173).
İmam Əhməd Adiy ibn Umeyra əl-Kindidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Ey insanlar, kim bizim üçün bir iş görər və işi yerinə yetirərkən iynə və ya bundan daha kiçik bir şey gizlədərsə, etdiyi bu əməl əmanətə xəyanətdir və Qiyamət günü onunla gələcəkdir”. Ənsardan olan bir kişinin qalxıb belə dediyi indi də gözümdə canlanır: “Ey Allahın Elçisi, mənə tapşırdığınız işi təhvil alın!” Peyğəmbər ﷺ “Nə olub ki?” deyə soruşdu. Kişi dedi: “Mən sənin belə-belə dediyini eşitdim”. Peyğəmbər ﷺ dedi: “Mən indi də bunu deyirəm. Kimə bir iş tapşırırıqsa, bu işdən əldə etdiyinin azını da gətirsin, çoxunu da. Bundan ona veriləni götürsün, verilməyəni tərk etsin”. Hədisi Muslim və Əbu Davud da bu şəkildə rəvayət etmişlər. (əl-Musnəd (4/192 Hələbi nəşri), Muslim (2/84-85). (Əhməd Şakir). Muslim, 3415, 4848; Əbu Davud, 3583. Əhməd, 17723, 17753, 17759). Amr ibn Şueyb atasından, o da Şueybin babasından rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Bir iynə və ya sap olsa belə, əmanəti qaytarın, çünki əmanətə xəyanət Qiyamət günü sahibi üçün utanc, od və rüsvayçılıqdır”. (İbn Kəsir hədisi bu şəkildə - əmanət sahibini qeyd etmədən rəvayət etmişdir. Hədisin mənası uzun bir hədisdən bir hissədir. Hədisi Əhməd “əl-Musnəd” əsərində (6729) rəvayət etmişdir. İsnadı səhihdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunənul-Kubra” 6482, əl-Beyhəqi “Sunənul-Kubra” 17988, 18674. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir)
İmam Əhməd Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Xeybər döyüşündə səhabələrdən bəziləri gəlib “Filankəs şəhiddir, filankəs şəhiddir...” dedilər. Nəhayət, döyüşdə ölmüş bir kişiyə çatıb “Filankəs şəhiddir” deyəndə, Peyğəmbər ﷺ buyurdu: “Xeyr! Mən onun qənimətdən izinsiz olaraq götürdüyü bürüncəyə (yaxud əbaya) görə odda yandığını gördüm”. Sonra Peyğəmbər ﷺ “Ey Xəttabın oğlu! Qalx camaata elan et ki, Cənnətə yalnız möminlər girəcəklər!” deyə buyurdu. Mən də qalxıb camaata elan edib dedim: “Cənnətə yalnız möminlər girəcək!” Bu hədisi Muslim və ət-Tirmizi də rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir. (əl-Musnəd (203, 328), Muslim (1/43). (Əhməd Şakir). Muslim, 165, 323).
Əbu Davud Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ bir döyüşdə qənimət əldə etdikdə camaata əllərində olan qənimətləri gətirmələrini elan etmək üçün Bilala tapşırıq verərdi. Bilal da camaata götürdükləri qənimətləri gətirmələrini elan edərdi. Camaat qənimətləri gətirdikdə Peyğəmbər ﷺ bu qənimətlərin beşdə birini götürüb qalanını döyüşçülər arasında paylayırdı. Bilalın camaata səslənməsindən sonra bir kişi tükdən hazırlanmış bir cilov gətirdi və dedi: “Ey Allahın Elçisi, bu bizim ələ keçirdiyimiz qənimətdir“. Peyğəmbər ﷺ soruşdu: “Sən Bilalı üç dəfə elan edərkən eşitmədinmi?“ O da “Bəli, eşitdim“ dedi. Peyğəmbər ﷺ “Onu vaxtında gətirmənə sənə nə mane oldu?“ deyə soruşdu. Kişi Peyğəmbərə ﷺ üzrxahlıq etdi, amma Peyğəmbər ﷺ dedi: “Xeyr, sən bunu Qiyamət günü özünlə gətirəcəksən, indi bunu səndən qəbul etməyəcəyəm“. (Əbu Davud (2712), əl-Musnəd (6996), İbn Hibbanın “Səhih” əsəri (7/147 əl-İhsan əlyazması), əl-Hakim (2/139). əl-Hakim hədisin səhih olduğunu bildirmişdir. (Əhməd Şakir). Əbu Davud, 2714. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1348)
Uca Allah buyurur: “Allahın rizasını qazanmağa can atan kəs Allahın qəzəbinə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bilərmi? Ora nə pis qayıdış yeridir!”, yəni Allahın qoyduğu qanunlara əməl etməklə Onun razılığını qazanmağa çalışan, Allahın rizasına və savabına layiq olub şiddətli əzabından xilas edilən kəslə Allahın qəzəbinə layiq olan və ona düçar olan kəs eyni ola bilməz. O bu qəzəbdən xilas ola bilməyəcək, Qiyamət günü isə gedəcəyi yer Cəhənnəm olacaq. Ora nə pis qayıdış yeridir! Quranda buna bənzər ayələr çoxdur. Məsələn, Uca Allahın bu ayələri kimi: “Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi?” (“ər-Rəd”, 19); “Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da Qiyamət günü Cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilər?” (“əl-Qasas”, 61).
Sonra Uca Allah buyurur: “Onlar Allah yanında ayrı-ayrı dərəcələrdə olacaqlar”. əl-Həsən əl-Bəsri və Muhəmməd ibn İshaq ayəni belə açıqlamışlar: “Xeyir sahibləri də, şər sahibləri də ayrı-ayrı dərəcələrdə olacaqlar”. Əbu Ubeydə və əl-Kisəi demişlər: “Yerləri eyni deyildir. Yəni Cənnətdəki üst dərəcələri və Cəhənnəmdəki alt təbəqələri eyni deyildir. Necə ki başqa bir ayədə buyurur: “Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır” (“əl-Ənam”, 132). Burada isə “Allah onların nə etdiklərini görür!” buyurur. Yəni etdiklərinin əvəzini tam olaraq onlara verəcək. Xeyir əməl edənlərin xeyrini azaldaraq, şər əməl edənlərin isə etdikləri şəri artıraraq onlara zülm etməyəcək, əksinə, hər kəsə etdiyi əməlinə görə əvəzini verəcəkdir.
Uca Allah buyurur: “Allah möminlərə onların öz içərisindən Elçi göndərməklə lütf göstərdi”, yəni müraciət edib sual soruşa bilmələri, birlikdə oturub faydalana bilmələri üçün onlara öz içlərindən bir Peyğəmbər göndərmişdir. Burada “öz içərisindən” dedikdə növ (bəşər) nəzərdə tutulur. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir” (“ər-Rum”, 21). Yəni sizinlə eyni növdən olan zövcələr yaratdı. Başqa bir ayələrdə buyurur: “De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır” (“əl-Kəhf”, 110); “Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar” (“əl-Furqan”, 20); “Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik” (“Yusuf”, 109); “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” (“əl-Ənam”, 130). Uca Allahın peyğəmbərləri göndərdiyi ümmətlərin öz  növündən etməsi böyük bir nemətdir. Belə ki bu onlara peyğəmbərlə ünsiyyət qurub ona müraciət etməyə və Allahın kəlamını daha yaxşı başa düşməyə imkan verir. Bu səbəbdən Uca Allah ayədə buyurur: “Bu Elçi onlara Allahın ayələrini oxuyur”, yəni Quranı oxuyur, “onları günahlardan təmizləyir”, yəni onlara yaxşı işləri əmr edib pis işlərdən çəkindirməklə qəlblərinə bulaşmış olan şirk və cahiliyyət etiqadları kimi pislik və çirkinliklərdən təmizləyir, “onlara Kitabı və hikməti öyrədir”, yəni onlara Quran və Sünnəni (hədisləri) öyrədir. “Halbuki bundan öncə”, yəni bu Peyğəmbər ﷺ göndərilməmişdən öncə “onlar açıq-aydın azğınlıq içərisində idilər”, yəni hər kəsə açıq-aydın bəlli olan bir azğınlıq və cəhalət içərisində idilər.
 
Ali-İmran, 165-168
أَوَلَمَّا أَصَابَتْكُمْ مُصِيبَةٌ قَدْ أَصَبْتُمْ مِثْلَيْهَا قُلْتُمْ أَنَّى هَذَا قُلْ هُوَ مِنْ عِنْدِ أَنْفُسِكُمْ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللَّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ * وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللَّهِ أَوِ ادْفَعُوا قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَاتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ * الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
165. Başınıza bir müsibət gəldiyi zaman, halbuki siz onların başına ikiqat müsibət gətirmişdiniz: “Bu haradan gəldi?”– söylədiniz. De: “Bu sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
166. Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın
167. və münafiqləri bəlli etsin. Münafiqlərə “Gəlin, Allah yolunda döyüşün, yaxud, heç olmasa, müdafiədə durun!” deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”- dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
168. Evlərində oturub öz qardaşları barəsində “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər” söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”

 
Uca Allah buyurur: “Başınıza bir müsibət gəldiyi zaman”- bu müsibət Uhud döyüşündə onlardan yetmiş nəfərin öldürülməsi idi “halbuki siz onların başına ikiqat müsibət gətirmişdiniz”, yəni Bədr döyüşündə müşriklərdən yetmiş nəfəri öldürmüş, bir o qədərini də əsir almışdılar. “Bu haradan gəldi?” söylədiniz”, yəni başımıza bu müsibət haradan gəldi? “De: “Bu sizin özünüzdəndir!” İbn Əbu Hatim Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bədr döyüşünün növbəti ili Uhud döyüşündə müsəlmanlar Bədr döyüşündə (əsir alınanların müqabilində) fidyə aldıqları üçün cəzalandırıldılar. Belə ki müsəlmanlardan yetmiş kişi öldürüldü, Peyğəmbərin ﷺ səhabələri onu qoyub qaçdılar, onun ön dişlərindən biri və başındakı dəbilqəsi qırıldı, üzünə də qan axdı. Uca Allah da bu ayəni nazil etdi: “Başınıza bir müsibət gəldiyi zaman, halbuki siz onların başına ikiqat müsibət gətirmişdiniz: “Bu haradan gəldi?” söylədiniz. De: “Bu sizin özünüzdəndir!”, yəni Bədr döyüşündə fidyə almağınıza görədir”. İmam Əhməd hədisi bu şəkildə, lakin daha uzun mətnlə rəvayət etmişdir. (Hədis “əl-Musnəd” əsərində (208) rəvayət olunan uzun hədisin bir hissəsidir. (Əhməd Şakir). Əhməd, 208. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir) əl-Həsən əl-Bəsri də belə demişdir. Muhəmməd ibn İshaq, İbn Cureyc və əs-Suddi belə demişlər: “Uca Allahın: “De: “Bu sizin özünüzdəndir!” ayəsi Uhud döyüşündəki oxçular barəsindədir. Yəni Peyğəmbər ﷺ sizə yerinizi tərk etməməyi əmr etdiyi zaman sizin onun əmrinə asi olub yerinizi tərk etməyiniz səbəbindəndir. “Həqiqətən, Allah hər şeyə qadirdir”, yəni Allah istədiyini edir, istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz.
Sonra Uca Allah buyurur: “Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu”, yəni sizin düşmən qarşısından qaçmağınız, onların sizdən bəzilərini öldürməsi, bəzilərini isə yaralaması Allahın qəza və qədəri ilə baş verdi və bunda bir hikmət vardır. “...möminləri aşkara çıxartsın”, yəni bu hadisə möminlərdən səbir göstərib sabit olanları və sarsılmayanları bildirmək üçün idi, “və münafiqləri bəlli etsin. Münafiqlərə “Gəlin Allah yolunda döyüşün, yaxud, heç olmasa, müdafiədə durun!” deyildi. Onlar “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik” dedilər” – bu ayədə Abdullah ibn Ubey ibn Səlul və yolda ona tabe olaraq geri dönən yoldaşları nəzərdə tutulur. Möminlərdən bəziləri onların arxasınca gedib onları geri (Peyğəmbərin ﷺ yanına) dönməyə, döyüşə və müsəlmanlara yardım etməyə təşviq etmişlər, onlara “yaxud, heç olmasa, müdafiədə durun!” demişlər. İbn Abbas, İkrimə və Səid ibn Cubeyr bunu belə təfsir etmişlər: “Yəni, heç olmasa, müsəlmanların sayını artırın”. Onlar isə bəhanə gətirərək “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik” dedilər”. Mucahid demişdir: “Yəni düşmənlə qarşılaşıb döyüşəcəyinizi bilsəydik, gələrdik, lakin siz düşmənlə qarşılaşmayacaqsınız və döyüşməyəcəksiniz”.
Muhəmməd ibn İshaq bir çox tabiindən rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Uhud döyüşü günü min nəfər səhabəsi ilə birlikdə yola çıxmışdı. əş-Şavt (Mədinə ilə Uhud arasında bir yer) deyilən yerə gəlib çatdıqda Abdullah ibn Ubey ibn Səlul qoşunun üçdə biri ilə ayrılaraq “Peyğəmbər onların (səhabələri nəzərdə tutur) dediyini edib döyüşə çıxdı, mənim dediyimi etmədi. Ey insanlar, Allaha and olsun ki, bilmirəm özümüzü burada həlak etməyin mənası nədir?” dedi və ona tabe olan münafiq və şübhəyə düşənlərlə birlikdə geri döndü. Bənu Sələmə qəbiləsindən olan Abdullah ibn Amr ibn Haram onların arxasınca getdi və onlara “Ey insanlar, sizi Allaha and verirəm, düşmənlə qarşılaşacağmız bir ərəfədə Peyğəmbərinizi və qövmünüzü köməksiz vəziyyətdə qoymayın!” Onlar isə “Əgər döyüşəcəyinizi bilsəydik sizi tərk etməzdik, lakin biz döyüşün baş tutacağını sanmırıq” dedilər. Abdullah ibn Amr ibn Haram onların ona qarşı çıxıb getməyə qərar verdiklərini gördükdə “Allahın düşmənləri, Allah sizi uzaqlaşdırsın! Allah bizi sizə möhtac etməyəcək!” dedi. Beləliklə, Peyğəmbər ﷺ öz yoluna davam etdi”. (Hədis mursəldir. ət-Tabəri (8193). (Əhməd Şakir). İbn İshaq “əs-Sira” 3/304; ət-Tabəri, 8193, 8236).
Uca Allah buyurur: “Onlar o gün imandan çox küfrə yaxın idilər”. Alimlər bu ayənin insanın halının dəyişə biləcəyinə, bəzən küfrə yaxın bir halda, bəzən də imana yaxın bir halda ola biləcəyinə dəlil olduğunu demişlər.
Sonra belə buyurur: “Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər”, yəni dedikləri sözün doğru olduğuna özləri də inanmırlar. Onlar “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik” deyirdilər. Lakin əminliklə bilirdilər ki, müşriklərdən ibarət bir ordu uzaq bir diyardan gəlmişdir və onlar Bədr döyüşündə adlı-sanlı adamlarının öldürülməsinə görə müsəlmanlardan qisas almaq arzusu ilə alovlanırlar. Onlar sayca müsəlmanlardan qat-qat artıqdırlar və mütləq aralarında döyüş baş verəcəkdir. Bu səbəbdən Uca Allah ayənin sonunda “Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir” buyurur.
Uca Allah buyurur: “Evlərində oturub öz qardaşları barəsində “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər” söyləyənlərə”, yəni əgər bizim Mədinədə qalıb döyüşə çıxmamaq məsləhətimizə qulaq assaydılar, öldürülməzdilər. Uca Allah onlara cavab olaraq buyurur: “De: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”, yəni madam ki, döyüşə çıxmayıb evdə oturmaq insanı ölümdən və öldürülməkdən qurtarır, o halda siz heç vaxt ölməməlisiniz. Halbuki əlçatmaz qalalarda olsanız belə, ölüm mütləq sizi haqlayacaq. Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın. Mucahid Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) bu ayənin Abdullah ibn Ubey ibn Səlul barədə nazil olduğunu rəvayət etmişdir.
 
Ali-İmran, 169-175
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ * فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ * يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ وَأَنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ * الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ * الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ * فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ * إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
169. Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.
170. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri müjdəsinə sevinirlər.
171. Onlar Allahın neməti və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağı müjdəsinə sevinirlər.
172. Yara aldıqdan sonra belə Allahın və Onun Rəsulunun dəvətini qəbul edən kimsələrdən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.
173. O kəslər ki bəzi adamlar onlara “Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!” dedikdə, bu söz onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” dedilər.
174. Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına uydular. Allah böyük lütf sahibidir.
175. Şeytan sizi, sadəcə, öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!

 
Uca Allah bu ayələrdə şəhidlərin bu dünyada öldürüldüklərinə baxmayaraq, ruhlarının əbədi qərar tutulacaq yurdda – Cənnətdə diri olduqlarını və Rəbləri tərəfindən onlara ruzi verildiyini bildirir. İbn Cərir İbn İshaq ibn Əbu Talhədən, o da Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Məunə quyusunun sahiblərinin yanına səhabələrindən bir dəstə göndərdi. Bilmirəm, dəstədə qırx nəfər var idi, yoxsa yetmiş nəfər. Quyunun böyüyü Amr ibn Tufeyl Cəfəri idi. Səhabələr gəlib quyuların yanında yerləşən mağarada dayandılar və öz aralarında dedilər: “Kim Peyğəmbərin ﷺ məktubunu quyunun sahiblərinə çatdırar?” Əbu Milhan əl-Ənsari dedi: “Mən Peyğəmbərin ﷺ məktubunu onlara çatdıraram”. O, məktubu götürüb quyu sahiblərinin yaşadığı məhəlləyə gəldi, evlərinin qarşısında yerə oturub dedi: “Ey quyu sahibləri! Mən Peyğəmbərin ﷺ sizə göndərdiyi elçisiyəm. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir. Siz də Allaha və Onun Elçisinə iman gətirin!” Bu dəmdə evlərin birindən bir nəfər çıxıb əlindəki nizə ilə onu vurdu. Nizə onun bir yanından girib digər tərəfindən çıxdı. O “Allah Ən Böyükdür! Kəbənin Rəbbinə and olsun ki, mən uğur qazandım!” deyib yoldaşlarının yanına qayıtdı. Amr ibn Tufeyl və onun tərəfdarları səhabənin izinə düşüb mağaraya gəldilər və orada olan səhabələrin hamısını öldürdülər”. Ənəs ibn Malik dedi: “Uca Allah onlar barədə Quran ayəsi nazil etdi: “Qövmümüzə çatdırın ki, artıq biz Rəbbimizlə görüşdük. Rəbbimiz bizdən, biz də Ondan razıyıq”. Biz bir müddət bu ayəni oxuduqdan sonra Uca Allah onu nəsx (oxunuşunu ləğv) edib bu ayələri nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. (Hədisi ət-Tabəri təfsir kitabında (8224) və “ət-Tarix” əsərində (3/36) yaxşı isnadla rəvayət etmişdir. Hədisin isnadı səhihdir. Hədisi bu mətnlə yalnız ət-Tabəri rəvayət etmişdir. Lakin mənası bir çox yollarla Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunur. Bax: “Musnəd” (12429, 132228, 14119), əl-Buxari (7/298-299), İbn Sədin “Tabəqat” əsəri (3/2/71-72). Hadisənin təfsilatı İbn Kəsirin “Tarix” əsərindədir (4/71-74). (Əhməd Şakir). ət-Tabəri, 8268-8269; əs-Sirac “Musnəd” 1314; Əhməd, 13195, 13218, 13227. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih adlandırmışdır)
Muslim rəvayət edir ki, Məsruq belə demişdir: “Biz Abdullahdan (İbn Məsuddan) bu ayənin təfsirini soruşduq: “Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. Abdullah dedi: “Biz də bu ayə barədə Peyğəmbərdən ﷺ soruşmuşduq. Peyğəmbər ﷺ belə buyurdu: “Şəhidlərin ruhları yaşıl bir quşun qarnındadır. Bu quşların Ərşdən asılmış qəndilləri (asma çıraqları) vardır. Onlar Cənnətdə istədikləri yerlərə uçur, sonra bu qəndillərə dönürlər. Rəbləri onlara baxıb “Bir şey istəyirsinizmi?” deyə soruşur. Onlar cavabında “Ey Rəbbimiz! Bundan artıq nə istəyək ki, Cənnətdə istədiyimiz yerə uça bilirik” deyirlər. Uca Allah bunu onlardan üç dəfə soruşur. Onlar bir şey istəməyincə yenə soruşulacaqlarını gördükdə “Ey Rəbbimiz, bizim ruhlarımızı cəsədlərimizə qaytar ki, sənin yolunda vuruşaq və bir daha öldürülək”. Uca Allah onların heç bir şeyə ehtiyacları olmadığını gördükdə daha onlardan bunu soruşmadı”. (Muslim (2/98). Bu mənada hədis “əl-Bəqərə” surəsinin 153-154-cü ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Muslim, 3500, 4993) Oxşar hədis Ənəs və Əbu Səiddən (Allah ondan razı olsun) də rəvayət edilmişdir.
İmam Əhməd Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Şəhidlər istisna olmaqla, Allah qatında xeyir əməli olan elə bir kəs yoxdur ki, öldükdən sonra dünyaya dönməyi arzulasın. Çünki şəhid şəhidliyin kəramətini (fəzilətini) gördükdən sonra dünyaya dönərək bir daha (Allah yolunda) öldürülməyi arzu edər”. Bu hədisi yalnız Muslim rəvayət etmişdir. (“Musnəd” (2388, 2389). Muslim (2/96). (Əhməd Şakir). Əhməd, 12273, 12295. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5792)
əl-Buxari Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Atam (Uhud döyüşündə) öldürüldükdə üzündəki örtüyü açaraq ağlamağa başladım. Peyğəmbərin ﷺ səhabələri məni belə etməyə qoymadılar. Peyğəmbər ﷺ isə belə etməyimi qadağan etməyərək “Ona görə ağlama! O, qaldırılana qədər mələklər qanadları ilə ona kölgə salırdılar”- dedi”. (əl-Buxari, 3771, 4080) Oxşar hədisi Muslim və ən-Nəsəi də rəvayət etmişlər.
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda Uca Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Bu quşlar Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və döndükləri yurdun nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki qardaşlarımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda döyüşməyi tərk etməyəydilər, döyüşdən qaçmayaydılar”. Qüdrət və qüvvət sahibi olan Allah da “Mən sizin dediklərinizi onlara bildirərəm!” dedi və Öz elçisinə bu ayələri “Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” və bundan sonrakı ayələri nazil etdi”. Hədisi İbn Cərir, Əbu Davud və əl-Hakim də rəvayət etmişlər. (“Musnəd” (2388, 2389), Əbu Davud (2520), ət-Tabəri (8205), əl-Hakim (2/297-298). əl-Hakim hədisin Muslimin şərtinə görə səhih olduğunu bildirmiş, əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 2388. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir).
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Şəhidlər Cənnət qapısında axan bir çayın kənarında, yaşıl bir qübbənin altındadırlar. Onlar üçün səhər-axşam Cənnətdən ruzi göndərilir”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. Hədisin isnadı yaxşıdır. Eyni hədisi ət-Tabəri də rəvayət etmişdir. (“Musnəd” (2390), ət-Tabəri (2323, 8209, 8213). Həmçinin İbn Hibban “Səhih” əsərində (7/69 İhsan əlyazması) və əl-Hakim (2/74) rəvayət etmişlər. əl-Hakim hədisin Muslimin şərtinə görə səhih olduğunu bildirmiş, əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 2390. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3742).
Hədislərdən aydın olur ki, şəhidlər iki qisimdir. Bir qisminin ruhları Cənnətdə gəzib-dolaşır, bir qisminin ruhları isə Cənnət qapısındakı bu çayın kənarındadır. Ola bilsin, Cənnətdə gəzib-dolaşmaları bu çayda başa çatır və sonda burada toplaşırlar. Beləcə orada onlara gecə-gündüz ruzilər gətirilir. Ən doğrusunu isə Allah bilir.
İmam Əhmədin “Musnəd” əsərində rəvayət edilən bir hədis hər mömin üçün müjdədir. Bu hədisdə bildirilir ki, bütün möminlərin ruhları Cənnətdə gəzir, Cənnət meyvələrindən yeyir, onun gözəlliklərini görür və sevinirlər. Allahın onlar üçün hazırladığı hörmətli məqamın şahidi olurlar. Səhih və əziz (“Əziz” sözünün ərəb dilində lüğəvi mənası “güclü”, “qüvvətli” və ya “nadir” deməkdir. Hədis elmində isə isnadı əziz olan hədis dedikdə isnadının hər təbəqəsində iki və ya üç ravi olan hədislər nəzərdə tutulur) isnadla rəvayət olunan bu əzəmətli hədisin rəvayətində dörd məzhəb imamlarından üçü iştirak etmişdir. Belə ki İmam Əhməd, Məhəmməd ibn İdris əş-Şafiidən, o da Malik ibn Ənəs əl-Asbəhidən, o da əz-Zuhridən rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Möminin ruhu Allahın onları cəsədlərinə qaytarıb təkrar dirildəcəyi günə qədər Cənnət ağaclarından yeyən bir quşdur”. (Bu hədis “əl-Bəqərə” surəsinin 153-154-cü ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əhməd, 15777, 15816; ən-Nəsəi “Sunənul-Kubra” 2211. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2373) Bu hədisdə mömin insanın ruhunun Cənnətdə bir quş şəklində olduğu bildirilir. Şəhidlərin ruhları isə, əvvəl qeyd olunduğu kimi, yaşıl quşların içindədir. Onların ruhları adi möminlərin ruhlarına nisbətdə ulduzlar kimidir. Onlar şəxsən özləri uçarlar. Qullarına qarşı Səxavətli və Lütfkar olan Allahdan diləyirik ki, canımızı imanlı halda alsın!
Uca Allah buyurur: “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri müjdəsinə sevinirlər”, yəni Allah yolunda öldürülən şəhidlər Allah qatında diridirlər. Onlar içində olduqları nemət və xoşbəxtliyə görə sevinirlər. Həmçinin özlərindən sonra Allah yolunda öldürüləcək qardaşlarını onların yanlarına gələcəkləri, qarşıda qorxu ilə qarşılaşmayacaqları və özlərindən sonra qoyub getdiklərinə (ailə, övlad) görə kədərlənməyəcəkləri ilə müjdələyirlər. Uca Allahdan Cənnət diləyirik.
əl-Buxari və Muslim “Səhih” əsərlərində Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bir səhər vaxtı yetmiş nəfər ənsarlının eyni zamanda öldürüldüyü Məunə quyusu hadisəsində Peyğəmbər ﷺ namazda əllərini açıb onları öldürənlərə bəd dua edərək onları lənətlədi. Sonra həmin hadisədə şəhid olanlar barədə ayə nazil oldu. Allah tərəfindən qaldırılana qədər (həm yazısı, həm də oxunuşu nəsx edilənə qədər) biz bu ayəni Quranda oxuyurduq. Nəsx edilən ayə belə idi: “Bizdən qövmümüzə çatdırın ki, biz Rəbbimizə qovuşduq. O bizdən razı qaldı və bizi də Ondan razı qalanlardan etdi”. (əl-Buxari, 2814, 3786, 4095; Muslim, 1085, 1577).
Sonra Uca Allah belə buyurur: “Onlar Allahın neməti və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağı müjdəsinə sevinirlər”. Muhəmməd ibn İshaq bu ayə barədə demişdir: “Onlar özlərinə vəd edilənin yerinə yetirildiyini və bol savabı görüncə sevinirlər”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir: “Bu ayə bütün möminlərə həm şəhidlərə, həm də digərlərinə aiddir. Çox vaxt Allah Quranda peyğəmbərlərə verdiyi lütf və savabı zikr etdikdən sonra digər möminlərə verdiklərini zikr edir”. (əs-Suyuti “əd-Durrul-Mənsur” 4/121).
Uca Allah buyurur: “Yara aldıqdan sonra belə Allahın və Onun Rəsulunun dəvətini qəbul edən kimsələrdən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır”. Bu, Həmraul-Əsəd döyüşü günü olmuşdur. Belə ki müşriklər Uhudda müsəlmanları məğlub etdikdən sonra yurdlarına dönmək üçün yola çıxmışdılar. Yola davam edərkən “Mədinəlilərin işlərini nə üçün bitirmədik” deyə peşman olmuşdular. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda müşrikləri qorxutmaq və hələ qüvvətli olduqlarını onlara göstərmək üçün müsəlmanları müşriklərin arxasınca getməyə çağırdı və Uhud döyüşündə iştirak edənlərdən başqa, yalnız Cabir ibn Abdullah istisna olmaqla, heç kimə bu səfərə çıxmağa icazə vermədi. Bunun səbəbini isə qarşıda bildirəcəyik. Müsəlmanlar yaralı və gücsüz olmalarına baxmayaraq, Allah və Onun Elçisinə itaət etdilər və bu çağırışa cavab verdilər.
Muhəmməd ibn İshaq demişdir: “Uhud döyüşü Şəvval ayının ortası, şənbə günü olmuşdur. Döyüşün ertəsi günü, yəni şəvvalın on altısı, bazar günü Peyğəmbərin ﷺ carçısı səslənərək düşmənin arxasınca gediləcəyini və dünən döyüşdə iştirak edənlərdən başqa heç kimsənin bu səfərə qatılmayacağını bildirdi. Cabir ibn Abdullah Peyğəmbərlə ﷺ danışdı və belə dedi: “Ey Allahın Elçisi, atam mənə yeddi bacıma baxmağı tapşırdı və dedi: “Əziz oğlum! Nə mənə, nə də sənə bu qadınları başsız qoymaq yaraşmaz. Peyğəmbərlə ﷺ birlikdə cihad etmək şərəfinə nail olmaqda səni özümdən üstün tutan da deyiləm. Odur ki bacılarına baxmaq üçün qal”. Mən də onları başsız qoymamaq üçün qaldım”. Bu səbəbdən Peyğəmbər ﷺ Cabirə izin verdi və o da Peyğəmbərlə ﷺ birlikdə səfərə çıxdı. Peyğəmbər ﷺ düşməni qorxutmaq, onlara arxaları ilə gedəcək qədər qüvvətli olduqlarını və başlarına gələnin hələ onları düşmən qarşısında zəiflətmədiyini göstərmək üçün bu səfərə çıxmışdı”.
İbn İshaq demişdir: “Abdullah ibn Xaricə ibn Zeyd ibn Sabit Aişə bint Osmanın azad etdiyi köləsi Əbu əs-Saibdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uhud döyüşündə iştirak etmiş Abdul-Əşhəl qəbiləsindən olan Peyğəmbərin ﷺ bir səhabəsi demişdir: “Mən və qardaşım Peyğəmbərlə ﷺ birlikdə Uhud döyüşündə iştirak etdik və yaralı halda geri döndük. Peyğəmbərin ﷺ carçısının düşmənin arxasınca gediləcəyi çağırışını eşitdikdə mən qardaşıma dedim (və ya qardaşım mənə dedi): “Peyğəmbərlə birlikdə döyüşdə iştirak etməyi buraxacağıqmı? Allaha and olsun ki, bizim minəcək bir heyvanımız yoxdur, özümüz də ağır yaralıyıq”. Beləliklə, Peyğəmbərlə ﷺ birlikdə səfərə çıxdıq. Mənim yaram qardaşımın yarasından daha yüngül idi. Onun yarası ağrıdıqda bir qədər mən onu daşıyırdım, bir qədər də özü gedirdi. Beləcə, müsəlmanların çatmaq istədikləri yerə qədər gəldik”. (ət-Tabəri, 8234, 8279).
əl-Buxari rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) Uca Allahın “Yara aldıqdan sonra belə Allahın və Onun Rəsulunun dəvətini qəbul edən kimsələrdən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır”- ayəsi barədə Urvəyə belə demişdir: “Ey bacıoğlu, sənin atan əz-Zubeyr və əmin Əbu Bəkr onlardan idi. Uhud döyüşündə Peyğəmbərin ﷺ başına gələn müsibət baş verdikdən və müşriklər çıxıb getdikdən sonra Peyğəmbər ﷺ onların təkrar qayıdacaqlarından ehtiyat edib dedi: “Kim onların dalınca gedə bilər?” Bu vaxt (əshabələrdən) yetmiş nəfər qabağa çıxdı. Əbu Bəkr və Zubeyr də onların arasında idi”. Hədisi əl-Hakim də rəvayət etmiş, sonra demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. Həmçinin hədisi İbn Məcə, Səid ibn Mənsur və Əbu Bəkr əl-Humeydi rəvayət etmişlər. (əl-Buxari (7/287 Fəthul-Bari), əl-Hakim (2/298). ət-Tabəri də oxşar hədisi rəvayət etmişdir (8239, 8241). (Əhməd Şakir). əl-Buxari, 3769, 4077; əl-Hakim, 5561; əl-Beyhəqi “Sunənul-Kubra” 12866, 13468)
Uca Allah buyurur: “O kəslər ki bəzi adamlar onlara “Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!” dedikdə bu söz onların imanını daha da artırdı və onlar “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” dedilər”, yəni insanlar onları düşmənlərinin onlara qarşı ordu toplaması ilə hədələyib, düşmənlərinin çoxluğu ilə qorxutduqda buna məhəl qoymayıb Allaha təvəkkül etdilər və Ondan yardım diləyərək “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” dedilər”. əl-Buxari rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” ayəsi barədə demişdir: “Bu sözləri İbrahim (ona salam olsun) oda atıldığı zaman demişdir. Bu sözü həmçinin Peyğəmbər ﷺ və onun səhabələri də demişlər. O zaman ki “Bəzi adamlar onlara “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” dedilər. Bu, onların imanını daha da artırdı və onlar “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” dedilər”. Həmçinin hədisi ən-Nəsəi də rəvayət etmişdir. Təəccüblüdür ki, bu hədisi (əl-Buxarinin rəvayət etməsinə baxmayaraq) əl-Hakim də rəvayət etmiş, sonra demişdir: “əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin rəvayət etməmişlər”. (Fəthul-Bari (8/172), əl-Hakim (2/298). Qəribədir ki, əz-Zəhəbi də bu hədis barədə fikrini bildirməmişdir. Hədis əl-Buxarinin “Səhih” əsərində rəvayət olunur. (Əhməd Şakir). əl-Buxari, 4197, 4563).
İmam Əhməd Auf ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ iki kişi arasında bir məsələdə hökm verdi. Əleyhinə hökm verilən kişi çevrilib gedəndə “Allah mənə yetər, O nə gözəl Qoruyandır!”- dedi. Peyğəmbər ﷺ dedi: “Bu kişini geri qaytarın!” Kişi gəldikdə Peyğəmbər ﷺ “Bayaq nə dedin?”- deyə soruşdu. Kişi dedi: “Allah mənə yetər, O nə gözəl Qoruyandır!”- dedim”. Peyğəmbər ﷺ dedi: “Allah acizliyi məzəmmət edir, lakin sən işində tədbirli olmalısan. İşi edə bilmədiyin təqdirdə “Allah mənə yetər, O nə gözəl Qoruyandır!”- de!” (Əhməd, 23983, 24029. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1759) Oxşar hədisi Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər.
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Surun sahibi (İsrafil) suru ağzına qoyub üzünü çevirərək sura üfürməsinin nə vaxt əmr ediləcəyini gözləyərkən mən necə rahat ola bilərəm?” Peyğəmbərin ﷺ səhabələri “Ey Allahın Elçisi, o halda nə deyək?” deyə soruşdular. Peyğəmbər ﷺ dedi: “Allah bizə yetər. O nə gözəl Qoruyandır. Allaha təvəkkül etdik” deyin!” Bu hədis bir neçə formada rəvayət edilmişdir və isnadı yaxşıdır. (“Musnəd” (3010). əl-Hafiz İbn Kəsir bu hədisi “əl-Muddəssir” surəsinin 8-ci ayəsinin təfsirində İbn Əbu Hatimin rəvayəti ilə bir daha qeyd edəcək. Həmçinin hədisi əl-Hakim (4/559) də rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 3010. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3569).
Rəvayət olunur ki, bir dəfə möminlərin anası Aişə ilə Zeynəb bint Cəhş (Allah onlardan razı olsun) öz aralarında öyünməyə başladılar. Zeynəb “Məni Allah evləndirdi, sizi isə ailələriniz evləndirdi” dedi. Aişə dedi: “Mənim təmiz olmağım barədə səmadan Quranda (ayələr) nazil edildi”. Zeynəb bunu qəbul etdi. Sonra soruşdu: “Saffan ibn əl-Muattalın dəvəsinə mindikdə nə dedin?” Aişə “Allah mənə yetər, O nə gözəl Qoruyandır!” deyə cavab verdi. Zeynəb “Möminlərin söyləyəcəyi sözü demisən” dedi. (ət-Tabərani “Mucəmul-Kəbir” 19617; ət-Tabəri, 26044)
Bu səbəbdən Uca Allah buyurur: “Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər”. Allaha təvəkkül etdikləri üçün Allah da onları qorxuya salan şeydən qorudu və onlara hiylə quran düşmənin qüvvəsinin qarşısını aldı. Onlar “Beləcə, özlərinə heç bir pislik toxunmadan” düşmənlərinin onlara qarşı qəlblərində gizlətdikləri pislik onlara toxunmadan “Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına uydular. Allah böyük lütf sahibidir”.
Sonra Uca Allah belə buyurur: “Şeytan sizi, sadəcə, öz dostları ilə qorxudur”, yəni şeytan sizi dostları ilə qorxudur və sizdə onların güclü və qüvvətli olması təsəvvürünü yaradır. Uca Allah buyurur: “Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”, yəni əgər şeytan sizə belə bir şey təlqin etsə və sizi qorxutsa, Mənə təvəkkül edin, Mənə sığının. Mən sizə kifayət edərəm və sizi onların üzərində qalib edərəm. Necə ki Uca Allah başqa ayələrdə buyurur: “Məgər Allah Öz quluna kifayət deyilmi?! Müşriklər isə səni Allahdan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə doğru yol göstərən tapılmaz. Allahın doğru yola yönəltdiyi kimsəni də, azdıran tapılmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi?! Əgər sən onlardan “Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, onlar mütləq “Allah!” deyəcəklər. De: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud əgər Allah mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (“əz-Zumər”, 36-38); “İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (“ən-Nisa”, 76); “Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır” (“əl-Mucadilə”, 19); “Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir” (“əl-Mucadilə”, 21); “Allah Ona yardım edənlərə, mütləq yardım edər” (“əl-Həcc”, 40); “Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və sizi sabitqədəm edər” (“Muhəmməd”, 7); “Şübhəsiz ki, Biz Öz elçilərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət vermək üçün ayağa qalxacağı gün yardım edəcəyik. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları həm lənət, həm də pis yurd gözləyir” (“Ğafir”, 51-52).
 
Ali-İmran, 176-180
وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ * إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ * وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ * مَا كَانَ اللَّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَا أَنْتُمْ عَلَيْهِ حَتَّى يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللَّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللَّهَ يَجْتَبِي مِنْ رُسُلِهِ مَنْ يَشَاءُ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ * وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
176. Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.
177. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
178. Kafirlər elə güman etməsinlər ki, onlara möhlət verməyimiz onların xeyrinədir. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
179. Allah möminləri sizin hazırda olduğunuz vəziyyətdə tərk edən deyil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah Öz elçilərindən istədiyini seçər. Elə isə Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır.
180. Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu onların xeyrinədir. Əksinə, bu onların zərərinədir. Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

 
Uca Allah Peyğəmbərinə ﷺ xitab edərək deyir: “Küfrə can atanlar səni kədərləndirməsin”. Peyğəmbər ﷺ insanların hidayət olunmasına çox həris olduğu üçün kafirlərin asiliyə, inadkarlığa və düşmənçiliyə can atmaları onu kədərləndirirdi. Bu səbəbdən Uca Allah buyurdu: “Ey Peyğəmbər, bu səni kədərləndirməsin. “Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara Axirətdə heç bir şey nəsib etməsin”, yəni kafirlərin belə etmələrində Allahın hikməti budur ki, Allah Öz istəyi və qədəri ilə Axirətdə onların heç bir payının olmasını istəmir. “Onlar üçün böyük bir əzab vardır”.
Sonra Uca Allah bunu qəti şəkildə bildirərək “Doğrudan da, imanı əldən verib küfrü alanlar”, yəni imanı küfrə dəyişənlər “Allaha heç bir zərər yetirə bilməzlər”, yəni yalnız özlərinə zərər verərlər “Onlar üçün ağrılı-acılı bir əzab vardır”.
Sonra Uca Allah buyurur: “Kafirlər elə güman etməsinlər ki, onlara möhlət verməyimiz onların xeyrinədir. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır”. Bu ayə Uca Allahın bu ayələrinə bənzəyir: “Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar” (“əl-Muminun”, 55-56); “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik” (“əl-Qələm”, 44); “Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir” (“ət-Tövbə”, 55).
Sonra Uca Allah buyurur: “Allah möminləri sizin hazırda olduğunuz vəziyyətdə tərk edən deyil, sonda murdarı təmizdən ayıracaqdır”, yəni Uca Allah Öz dostlarını üzə çıxarmaq və düşmənlərini rəzil etmək üçün onları mütləq sınağa çəkəcəkdir. Bu sınaqla səbir edən möminlə günahkar münafiq bilinəcək. Bu ayə ilə möminlərin imtahan edildiyi Uhud döyüşü nəzərdə tutulur. Bu döyüşdə möminlərin imanı, səbri, qüvvəti, Allah və Peyğəmbərinə ﷺ itaətləri bilindi. Bu döyüş sayəsində münafiqlər ifşa olundular, onların müxalif əməlləri, döyüşdən qaçmaları, Allah və Peyğəmbərinə ﷺ xəyanətləri ortaya çıxdı. Mucahid bu ayə barədə demişdir: “Allah Uhud döyüşündə möminlərlə münafiqləri ayırdı”. Qatədə isə demişdir: “Allah cihad və hicrətlə möminləri münafiqlərdən ayırmışdır”.
Sonra Uca Allah buyurur: “Allah sizə qeybi də bildirən deyildir”, yəni əgər Allah möminlə münafiqi sizə bildirməsə, siz özünüz Allahın məxluqları barədə qeybi bilməzsiniz. Əgər Allah insanları biri-birindən ayırd edən səbəblər yaratmasaydı, siz möminlə münafiqi seçə bilməzdiniz.
Sonra Uca Allah buyurur: “Lakin Allah Öz elçilərindən istədiyini seçər”. Allahın bu ayəsi bu ayəyə bənzəyir: “O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur” (“əl-Cinn”, 26-27).
Sonra Uca Allah buyurur: “Elə isə Allaha və Onun elçilərinə iman gətirin!”, yəni Allaha və Onun Elçisinə itaət edin, sizin üçün qoyduğu şəriətə tabe olun. “Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır”.
Uca Allah növbəti ayədə buyurur: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu onların xeyrinədir. Əksinə, bu onların zərərinədir”, yəni xəsislik edən kəs yığdığı malın ona fayda verəcəyini zənn etməsin. Əksinə, bu onun dininə, bəzən də dünyasına zərərlidir. Sonra Uca Allah xəsislik edənin topladığı var-dövlətin Qiyamət günündəki halını xəbər verərək “Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolanacaqdır” buyurur. əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim Allahın ona bəxş etdiyi var-dövlətin zəkatını vermirsə, Qiyamət günü o var-dövlət başının tükü tökülmüş (Bu ifadə ilanın həddən artıq zəhərli olduğuna işarədir), gözlərinin də üstündə iki qara xalı olan erkək ilana çevrilib onun boynuna sarılacaq və ağzının hər iki tərəfindən yapışıb deyəcək: “Mən sənin var-dövlətinəm! Mən sənin xəzinənəm!” Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır”. Hədisi bu şəkildə yalnız əl-Buxari rəvayət etmişdir. Həmçinin İbn Hibban da rəvayət etmişdir. (əl-Buxari (8/173, 3/214-215). Hədisin mənası “Musnəd” əsərində bir neçə formada Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilmişdir. (7742, 8170, 8646, 8920). əl-Munziri “ət-Tərğib” əsərində səhvən hədisi Muslimə nisbət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 4199, 4565)
İmam Əhməd İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Uca Allah malının zəkatını verməyən kimsənin malını Qiyamət günü qarşısına başının tükü tökülmüş, gözlərinin üstündə iki xalı olan zəhərli erkək ilan kimi çıxaracaqdır. Sonra bu ilan ona sarılacaq və onu boğaraq “Mən sənin xəzinənəm, mən sənin xəzinənəm”- deyəcək”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (Musnəd (5729), ən-Nəsəi (1/343). Hər iki isnad səhihdir. (Əhməd Şakir). Əhməd, 5729, 6448. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1690; Səhih ət-Tərğib vət-Tərhib, 760).
İmam Əhməd Abdullah (ibn Məsuddan) (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Malının zəkatını verməyən elə bir qul yoxdur ki, o mal onun üçün tükü tökülmüş erkək ilana çevrilməsin. İlan onu təqib edərək “Mən sənin xəzinənəm” deyəcək. O isə ilandan qaçacaq”. Sonra Abdullah Allahın Kitabından bu hədisin mənasını təsdiqləyən ayəni – “Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolanacaqdır”- oxudu”. Hədisi ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir. Həmçinin hədisi əl-Hakim və İbn Cərir İbn Məsudun (Allah ondan razı olsun) sözü olaraq rəvayət etmişlər. (Musnəd (3577), ət-Tirmizi (4/85), əl-Hakim (2/298-299), ət-Tabəri (8285, 8289, 8292). (Əhməd Şakir). Əhməd, 3577. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).
əl-Hafiz Əbu Yəalə Sovbəndən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim özündən sonra (zəkatını vermədiyi) bir xəzinə qoyarsa, Qiyamət günü o xəzinə başının tükü tökülmüş, gözlərinin üstündə iki xalı olan erkək ilan kimi qarşısına çıxarılacaq. İlan onun dalınca düşəcək. O isə deyəcək: “Ey başabəla, sən kimsən?” İlan deyəcək: “Mən sənin özündən sonra qoyub getdiyin xəzinənəm”. İlan onun arxasınca gəlməyə davam edəcək, nəhayət adam əlini ilanın ağzına qoyacaq. İlan əvvəlcə onun əlini, sonra ardınca bütün cəsədini udacaq”. (İbn Hibban, 3257. Şueyb əl-Arnavut isnadının Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir) Bu hədisin isnadı yaxşıdır, güclüdür, lakin digər hədis kitablarının müəllifləri bu hədisi rəvayət etməmişlər.
Uca Allah buyurur: “Göylərin və yerin mirası Allaha məxsusdur”, yəni Allahın sizin üçün miras etdiyi şeylərdən Allah yolunda xərcləyin. Şübhəsiz ki, bütün işlər sonda Allaha qayıdacaqdır. Odur ki Allaha qayıdacağınız gün sizə fayda verməsi üçün malınızdan Allah yolunda xərcləyin. “Allah nə etdiklərinizdən xəbərdardır”, yəni Allah gördüyünüz işlərdə niyyətlərinizdən və qəlblərinizdən keçənlərdən xəbərdardır.
 
Ali-İmran, 181-184
لَقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ * ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ * الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّى يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ * فَإِنْ كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِنْ قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ
181. “Allah kasıbdır, biz isə varlıyıq!” deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və onlara deyəcəyik: “Dadın o yandırıb-yaxan əzabı!
182. Bu öz əllərinizlə etdiyiniz əməllərə görədir.” Yoxsa Allah qullarına zülm edən deyildir.
183. “Doğrusu, Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq” deyənlərə de: “Məndən əvvəl sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”
184. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər.

 
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) Beytul-Midrasa (yəhudilərin məktəbinə) gəldi və orada yəhudilərin Finhas adlı bir kişinin ətrafına toplaşdıqlarını gördü. Finhas yəhudilərin alimlərindən və əsas elm adamlarından biri idi. Finhasın yanında Əşya adlı daha bir elm adamı vardı. Əbu Bəkr “Təəssüflər olsun sənə, ey Finhas, Allahdan qorx və müsəlman ol! Allaha and olsun ki, sən Muhəmmədin Allahın Elçisi olduğunu və sizə Allah qatından haqqı gətirdiyini yaxşı bilirsən. Siz onun barəsində yanınızda olan Tövrat və İncildə yazılmış olduğunu bilirsiniz” dedi. Finhas dedi: “Allaha and olsun ki, ey Əbu Bəkr, bizim Allaha ehtiyacımız yoxdur, əksinə, Onun bizə ehtiyacı var. Onun bizə yalvardığı kimi, biz ona yalvarmırıq. Biz Ona möhtac deyilik. Əgər O bizə möhtac olmasaydı, dostunuzun iddia etdiyi kimi, bizdən borc almazdı. O sizə faizi qadağan edir amma bizə icazə verir. Əgər zəngin olsaydı, bizə faizi icazə verməzdi”. Əbu Bəkr qəzəblənib Finhasın üzünə bərk bir zərbə vurdu və belə dedi: “Canım əlində olana (Allaha) and olsun ki, əgər aramızda razılaşma olmasaydı, sənin boynunu vurardım, ey Allahın düşməni! Əgər doğru danışırsınızsa, gücünüz çatdığınız qədər bizim yalan dediyimizi sübut edin”. Finhas Peyğəmbərin ﷺ yanına gedərək “Görürsən, yoldaşın mənə nə etdi?” dedi. Peyğəmbər ﷺ Əbu Bəkrdən soruşdu: “Bunu etməyə səni nə vadar etdi?” Əbu Bəkr dedi: “Ey Allahın Elçisi, bu Allah düşməni yaramaz bir söz danışır – iddia edir ki, Allah kasıbdır, onlar isə Allahdan zəngindirlər. Belə dedikdə Allah üçün qəzəbləndim və üzünə vurdum”. Finhas bunu inkar edərək “Belə demədim” dedi. Uca Allah Finhasın dediyini rədd edib, Əbu Bəkrin dediyini isə təsdiqləyərək “Allah kasıbdır, biz isə varlıyıq!” deyənlərin sözünü Allah, əlbət ki, eşitdi” ayəsini nazil etdi”. Hədisi İbn Əbu Hatim rəvayət etmişdir. (Həmçinin hədisi ət-Tabəri (8300) rəvayət etmişdir. İsnadı yaxşı və ya səhihdir. əs-Suyuti hədisi “əd-Durrul-Mənsur” kitabında (2/105-106) əlavə olaraq İbn əl-Munzirə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 8300, 8348; İbn Əbu Hatim, 4589. Ali Nasr və əl-Hilali zəif olduğunu bildirmişlər).
Uca Allah buyurur: “Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq...” bu söz bir təhdid və qorxutmadır. Yəni bu onların Allah barədə dedikləri, bu isə Allahın göndərdiyi peyğəmbərlərə etdikləridir. Allah onları etdiklərinə görə ən pis cəza ilə cəzalandıracaq. Bu səbəbdən Uca Allah ayənin davamında buyurur: “və onlara deyəcəyik: “Dadın o yandırıb-yaxan əzabı! Bu öz əllərinizlə etdiyiniz əməllərə görədir”. Yoxsa Allah qullarına zülm edən deyildir”, yəni bu sözlər rişxənd, təhqir və alçaltmaq məqsədilə onlara deyiləcək.
Uca Allah buyurur: “Doğrusu, Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq” deyənlərə...” Uca Allah ümmətindən biri sədəqə verdikdə həmin sədəqənin qəbul olunmasının əlaməti olaraq göydən bir alovun enib bu sədəqəni yandırması ilə möcüzə göstərməyənə qədər heç bir peyğəmbərə iman gətirməyəcəklərinə dair kitablarında Allahdan əhd aldıqlarını iddia edənlərin sözlərini rədd edərək belə buyurur: “de: “Məndən əvvəl sizə elçilər açıq-aydın dəlillərlə”, yəni sübutlarla “və dediyiniz qurbanla gəlmişdilər”, yəni qəbul olmuş sədəqələri yandıran od möcüzəsi ilə gəlmişdilər. “Əgər doğru danışırsınızsa”, yəni haqqa tabe olacağınızı və peyğəmbərlərə itaət edəcəyinizi deyirsinizsə, “onda nə üçün onları öldürdünüz?”, yəni nə üçün onların çağırışına inkarla, onlara qarşı çıxıb inadkarlıq etməklə və onları öldürməklə qarşılıq verdiniz?
Sonra Uca Allah Peyğəmbərinə ﷺ təsəlli verərək buyurur: “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər”, yəni onların səni yalançı hesab etmələri səni zəiflətməsin. Səndən əvvəl açıq-aydın dəlillər, “səhifələr”, yəni peyğəmbərlərə nazil edilən səmavi kitablar və “nur saçan kitab”, yəni açıq-aşkar və aydın kitab gətirmiş peyğəmbərlərin yalançı hesab edilmələrində sənə örnək vardır.
 
Ali-İmran, 185-186
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ * لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
185. Hər kəs ölümü dadacaq. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
186. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və Allaha şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.

 
Uca Allah bu ayədə yaratdıqlarının hamısını nəzərdə tutaraq xəbər verir ki, hər bir canlı mütləq ölümü dadacaqdır. Necə ki başqa bir ayədə buyurur: “Yer üzündə olan hər kəs ölməyə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (“ər-Rahmən”, 26-27). Ölməz, əbədi Yaşayan yalnız Allahdır. İnsanlar və cinlər isə ölümə məhkumdurlar. Mələklər və Ərşi daşıyanlar da həmçinin. Əbədiyyət və daimi qalmaq Tək olan və hər şeyə Qalib gələn Allaha aiddir. Necə ki hər şeydən əvvəl yalnız O var idi, ən sonda da yalnız O qalacaq. Bu ayə bütün insanlara bir təsəllidir. Yer üzündə heç kim əbədi qalmayacaq, hamı öləcəkdir. Müddət başa çatdıqda və Allahın Adəmin (ona salam olsun) belindən var olmasını təqdir etdiyi nütfə və məxluqat sona çatdıqda, Allah Qiyaməti qoparacaq və məxluqatı əməllərinə uyğun hesaba çəkəcək. İstər yaxşı əməl olsun, istər pis, istər böyük olsun, istər kiçik, istər az olsun, istər çox – hamısına görə hesaba çəkəcək və heç kimə zərrə qədər də zülm etməyəcək. Bu səbəbdən Uca Allah ayənin davamında “Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir” buyurur.
Uca Allah buyurur: “Kim Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar”, yəni Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən hər kəs tam bir uğur qazanmışdır. İbn Əbu Hatim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Cənnətdəki qamçı boyda yer, dünya və onun üzərindəkilərdən daha xeyirlidir. İstəsəniz, Uca Allahın bu ayəsini oxuyun: “Kim Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar”. (İbn Əbu Hatim, 4610; ət-Tirmizi, 3013, 3285. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1978). Hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində son hissə əlavə edilmədən yer almışdır. Hədisi bu əlavə ilə İbn Hibban və əl-Hakim rəvayət etmişlər. (Həmçinin Əhməd “Musnəd” əsərində (9649), ət-Tirmizi (4/85), ət-Tabəri (8315) rəvayət etmişlər. Hədis, həmçinin “Mustədrək” əsərindədir (2/299). əl-Hakim hədisin Muslimin şərtlərinə görə səhih olduğunu bildirmiş, əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). əl-Buxari, 3011, 3250; İbn Hibban, 7417; əl-Hakim, 3170. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir).
İmam Əhmədin Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədis daha əvvəl qeyd edilmişdir. Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Sizlərdən kim Cəhənnəmdən uzaqlaşıb Cənnətə daxil olmasını istəyirsə, əcəlini Allaha və Axirət gününə iman etmiş bir halda qarşılasın və insanlarla özünə qarşı istədiyi rəftarla davransın”. (Bu hədis “Ali-İmran” surəsinin 102-103-cü ayələrin təfsirində keçmişdir)
Uca Allah buyurur: “Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. Bu ayə ilə Uca Allah dünyanın dəyərinin aşağı, özünün isə fani, keçici və zavala uğrayan olduğunu bildirir. Necə ki başqa ayələrdə buyurur: “Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir” (“əl-Əla”, 16-17); “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bər-bəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər anlamırsınız?” (“əl-Qəsəs”, 60). Bir hədisdə belə deyilir: “Allaha and olsun ki, Axirətlə müqayisədə dünyanın halı birinizin barmağını dəniz suyuna salıb-çıxarması kimidir. Baxsın barmağı dənizdən nə götürər?” (Hədisi Əhməd “Musnəd” əsərində (4/229 Hələbi nəşri) əl-Mustəvrid ibn Şəddəd əl-Fihridən rəvayət etmişdir. Oxşar hədisi Muslim də (2/355) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 5101, 7376; Əhməd, 18043, 18175).
Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz”. Bu ayə Uca Allahın: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ. O kəslər ki onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!” deyirlər” (“əl-Bəqərə”, 155-156) ayəsinə bənzəyir. Yəni hər bir mömin mütləq malı, canı, övladı və ailəsi ilə sınanacaq. Hər kəs dinində möhkəmliyinə görə sınanır. Dinində nə qədər möhkəm olarsa, imtahanı da bir o qədər ağır olacaq.
Uca Allah möminlərə Bədr döyüşündən əvvəl Mədinəyə gəldikdə Kitab əhlindən və müşriklərdən gördükləri əziyyətlərə qarşı təsəlli vermək üçün buyurur: “Sizdən əvvəl kitab verilənlərdən və Allaha şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz”. Sonra Uca Allah möminlərə Allah tərəfindən çıxış yolu gələnə qədər səbir etməyi, dözməyi və əfv etməyi əmr edərək buyurur: “Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir”.
əl-Buxari Usamə ibn Zeyddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, hələ Bədr döyüşündən əvvəl Peyğəmbər ﷺ üzərində Fədəkdə hazırlanmış palan olan uzunqulağına minib, Usaməni də tərkinə alıb Bəni Haris ibn Xəzrəc qəbiləsindəki Səd ibn Ubadəni ziyarət etdi. Yolda Peyğəmbər ﷺ Abdullah ibn Ubey ibn Səlulun olduğu bir məclisin yanından keçdi. O vaxt Abdullah ibn Ubey ibn Səlul hələ (zahirən) İslamı qəbul etməmişdi. Bu məclisdə həm müsəlmanlar, həm Allaha şərik qoşan bütpərəstlər, həm də yəhudilər iştirak edirdilər. Abdullah ibn Rəvaha da həmin məclisdə idi. Uzunqulağın qaldırdığı tozanaq məclisi bürüdükdə Abdullah ibn Ubey ibn Səlul bürüncəyi ilə burnunu tutub “Bizi tozlamayın!” dedi. Peyğəmbər ﷺ onlara salam verib dayandı, sonra (uzunqulaqdan) düşüb onları Allahın (dininə) dəvət etdi və onlara Quran ayələri oxudu. Abdullah ibn Ubey ibn Səlul dedi: “Ay adam, əgər sənin dediklərin doğrudursa, demək, bundan gözəl şey yoxdur. Amma gəl sən məclisimizdə belə şeylərlə bizə əziyyət vermə, get otur yerində və belə şeyləri sənin yanına gələn adamlara danış”. Bu vaxt Abdullah ibn Rəvaha dedi: “Fikir vermə, ey Allahın Elçisi, sən məclislərimizdə bizə Qurandan danış, biz onu (dinləməyi çox) sevirik”. (Bu vaxt ara qarışdı) müsəlmanlar, müşriklər və yəhudilər bir-birlərinə nalayiq sözlər söyləməyə başladılar və iş o yerə gəlib çatdı ki, onlar az qala vuruşacaqdılar. Peyğəmbər ﷺ onları sakitləşdirməyə başladı. Haçandan-haçana onlar sakitləşdilər. Bundan sonra Peyğəmbər ﷺ uzunqulağına minib yoluna davam etdi. Nəhayət, gəlib Səd ibn Ubadənin (evinə) daxil oldu və dedi: “Ey Səd, sən Əbu Hubabın nə dediyini eşitmədinmi? O, belə-belə dedi”. (Peyğəmbər ﷺ Əbu Hubab deyəndə) Abdullah ibn Ubey ibn Səlulu qəsd edirdi. Səd ibn Ubadə dedi: “Ey Allahın Elçisi, onu əfv et, onun təqsirindən keç. Kitabı sənə nazil edən Allaha and olsun ki, Allah səni, sənə nazil etdiyi haqq ilə göndərdi. Halbuki (bir az əvvəl) bu şəhərin (Burada Mədinə şəhəri qəsd edilir) əhalisi (Abdullah ibn Ubeyin) yanına gedib onun başına əmmamə qoymağa razılıq vermişdilər. (Yəni onu başçı seçmək istəyirdilər) Allah sənə bəxş etdiyi haqq sayəsində bu işi alt-üst etdikdə isə, (Abdullahın) buna paxıllığı tutdu. Elə bu da onu gördüyün belə bir işi tutmağa vadar etdi”. Beləliklə, Peyğəmbər ﷺ onu bağışladı. Peyğəmbər və onun səhabələri Allahın əmr etdiyi kimi, müşrikləri və Kitab əhlini əfv edər və (özlərinə verilən) əziyyətlərə səbir edərdilər. Qüdrətli və əzəmətli Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir”. Həmçinin Allah buyurur: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın! Həqiqətən, Allah hər şeyə qadirdir” (“əl-Bəqərə”, 109). Peyğəmbər ﷺ Allahın kafirləri bağışlamağa dair əmrini olduğu kimi yozurdu. (Yəni onların təqsirlərindən keçirdi) Nəhayət, Allah Öz peyğəmbərinə ﷺ onlarla vuruşmağa izn verdi. Bədr döyüşündə Peyğəmbər ﷺ Qureyşin adlı-sanlı kafirlərini öldürdükdə Abdullah ibn Ubey ibn Səlul, habelə onun yanındakı müşriklər və bütpərəstlər “Bu iş (İslam dini) qarşısıalınmazdır. Haydı Rəsulullaha beyət edin!” dedilər və İslamı zahirən qəbul etdilər”. (əl-Buxari (8/173-175 Fəthul-Bari) (4566). (Əhməd Şakir). əl-Buxari, 4200, 4566, 5739, 6207).
Kim haqq üzərində olar və ya insanlara yaxşı işləri əmr edib pis işlərdən çəkindirərsə, mütləq ona əziyyət verilməlidir. O kimsənin Allah üçün səbir edib, Allahdan kömək diləmək və Allaha qayıtmaqdan başqa çarəsi yoxdur.
 
Ali-İmran, 187-189
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا فَبِئْسَ مَا يَشْتَرُونَ * لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ * وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
187. Allah Kitab verilənlərdən “Siz o kitabı mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!” deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!
188. Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
189. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.

 
Bu ayə ilə Uca Allah Kitab əhlini məzəmmət edir və hədələyir. O Kitab əhli ki, Uca Allah onlardan peyğəmbərlərinin dili ilə Muhəmmədə ﷺ iman gətirəcəklərinə, peyğəmbərlik ərəfəsində insanlar arasında Onun adını xatırlayıb tərifləyəcəklərinə, Allah onu peyğəmbər olaraq göndərdikdə isə ona tabe olacaqlarına dair əhd almışdı. Onlar isə bu əhdi gizlətdilər və bu Peyğəmbərə ﷺ iman gətirəcəkləri təqdirdə onlara vəd edilən dünya və Axirət xeyrini daha aşağı və dəyərsiz, cüzi dünya mənfəətinə dəyişdilər. Onların etdikləri necə də pis sövdələşmədir və necə də pis ticarətdir.
Bu ayə ilə Uca Allah eyni zamanda ümmətin alimlərini Kitab əhlinin yolu ilə getməkdən çəkindirir ki, Kitab əhlinin başına gələn aqibət onların da başlarına gəlməsin və insanlar aldanıb onların yolu ilə getməsinlər. Bu səbəbdən alimlərin üzərinə düşən budur ki, sahib olduqları faydalı və saleh əməllərə yönəldən elmi insanlara çatdırmaqda var gücləri ilə çalışsınlar və bu elmdən heç bir şey gizlətməsinlər. Müxtəlif sənədlərlə rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Kimdən (dinə aid) bildiyi bir elm barədə soruşularsa və o, bunu gizlədərsə, Qiyamət günü boynuna atəşdən bir yüyən keçirilər”. (Hədis “Musnəd” (7561) əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur. “əl-Bəqərə” surəsinin 95-ci ayəsində qeyd olunub. Həmçinin əs-Səxavinin “əl-Məqasid əl-Həsənə” əsərinə (1135) bax. (Əhməd Şakir). Əhməd, 7561; İbn Məcə, 264; Əbu Davud, 3660. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6284).
Uca Allah buyurur: “Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. Bu ayədə özlərində olmayan şeyləri var imiş kimi göstərməyə çalışan riyakarlar nəzərdə tutulur. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim (özündə olanı) çox göstərmək məqsədilə yalan iddia edərsə, Allah ona azlıqdan başqa bir şey artırmaz (Yəni kim mal-dövlətini artırmaq üçün yalan danışarsa, Allah onun malına bərəkət verməz. Kim yalandan özünü alim kimi göstərərsə, Allah onun avamlığını üzə çıxarar və camaat ona hörmət qoymaz. Kim də yalandan dindar olduğunu iddia edərsə, Allah onu rüsvay edər, onun iç-üzünü aşkara çıxarar və onu hörmətdən salar)”. (Muslimin (1/42) Sabit ibn əd-Dahhəkdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisin bir hissəsidir. İbn Kəsir bu cümləni əl-Buxari və Muslimə nisbət etməklə səhvə yol vermişdir, çünki əl-Buxari bu hədisin əslini bir neçə yerdə rəvayət etsə də, bu cümləni qeyd etməmişdir (1/389, 428. 11/468-469 Fəthul-Bari). əl-Hafiz İbn Həcər bildirmişdir ki, bu əlavə Muslimin rəvayətidir. Həmçinin Əhməd də bu hədisin əslini rəvayət etmiş, lakin bu cümləni qeyd etməmişdir (16456, 16463). (Əhməd Şakir). Muslim, 160, 316) “Səhih” əsərində rəvayət olunan bir hədisdə isə belə buyurulur: “Özündə olmayan bir şeyi əldə etdiyini bildirən kimsə (özünü zahid göstərmək üçün) iki ədəd böhtan libası geymiş adam kimidir”. (Hədisi əl-Buxari, Muslim, Əhməd və Əbu Davud Əsma bint Əbu Bəkrdən rəvayət etmişlər. Muslim eyni hədisi Aişədən (Allah onlardan razı olsun) də rəvayət etmişdir (2/167). (Əhməd Şakir). əl-Buxari, 4818, 5219; Muslim, 3972, 5705)
İmam Əhməd Humeyd ibn Abdur-Rahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Mərvan qapıda duran gözətçilərdən birinə “Ey Rafi, get, İbn Abbasdan soruş ki, törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan hər bir kəsə əzab veriləcəkmi? Bu o deməkdir ki, hamımıza əzab veriləcək?” İbn Abbas dedi: “Bu ayənin sizə nə aidiyyəti var ki?! Bu ayə Kitab əhli barədə nazil olmuşdur”. Sonra İbn Abbas bu ayələri oxudu: “Allah Kitab verilənlərdən: “Siz o kitabı mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!”, – deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir! Etdikləri əməllərə görə sevnən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. İbn Abbas dedi: “Peyğəmbər ﷺ bir dəstə yəhudini yanına çağırıb onlardan bir məsələ barəsində soruşduqda onlar həqiqəti gizlədib ona başqa cavab verdilər. Onlar Peyğəmbəri ﷺ soruşduğu məsələ barədə cavab verdiklərinə inandırdıqlarını sandılar və belə cavab verməklə öyünmək istədilər, həm də həqiqəti gizlətdiklərinə görə sevindilər”. Hədisi bu şəkildə əl-Buxari, Muslim, ət-Tirmizi, ən-Nəsəi, İbn Əbu Hatim, İbn Xuzeymə, əl-Hakim və İbn Mərdəveyh rəvayət etmişlər. (“Musnəd” (2712), əl-Buxari (8/175-176 Fəthul-Bari). (Əhməd Şakir). Əhməd, 2712; Muslim, 4982, 7211)
əl-Buxari Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin dövründə Peyğəmbər ﷺ döyüşə çıxdıqda münafiqlərdən bəziləri ondan ayrılar və döyüşə getməyib ona müxalif olduqlarına sevinərdilər. Peyğəmbər ﷺ döyüşdən qayıtdıqda isə özlərinə bəraət qazandırmaq üçün bəhanələr gətirər və and içərdilər. Üstəlik, görmədikləri işlərə görə tərif olunmağı sevərdilər. Elə buna görə də bu ayə nazil oldu: “Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. Oxşar hədisi Muslim də rəvayət etmişdir. (əl-Buxari (8/175 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 4201, 4567; Muslim, 2777, 4981)
Uca Allahın “...əzabdan qurtulacaqlarını əsla güman etmə” sözü iki formada oxunmuşdur. Birincisi, فَلاَ تَحْسَبَنَّهم [fələ təhsəbənnəhum] “əsla güman etmə”– ikinci şəxsə xitab formasında, ikincisi isə فَلاَ يَحْسَبَنَّهم [fələ yəhsəbənnəhum] “əsla güman etməsinlər”– üçüncü şəxsin xəbər formasında. Yəni belə edənlər əzabdan xilas olacaqlarını sanmasınlar. Onlara mütləq əzab veriləcək. Bu səbəbdən Uca Allah ayənin sonunda “Onlar üçün ağrılı-acılı bir əzab vardır” buyurur.
Uca Allah buyurur: “Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir”, yəni O hər şeyin sahibidir. O hər şeyə qadirdir və heç bir şey Onu aciz qoya bilməz. Ondan qorxun və Ona qarşı çıxmayın. Onun qəzəbindən və əzabından qorxun. O Əzəmətlidir və Ondan daha əzəmətli heç nə yoxdur. O hər şeyə qadirdir, Ondan başqa heç kəs Onun kimi hər şeyə qadir ola bilməz.
 
Ali-İmran, 190-194
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ * الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ * رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ * رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ * رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ
190. Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.
191. O kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
192. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Zalımların heç bir köməkçisi olmaz.
193. Ey Rəbbimiz! Həqiqətən, biz “Rəbbinizə iman gətirin!” deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla bir yerdə al!
194. Ey Rəbbimiz! Öz elçilərinin vasitəsilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

 
Ayənin mənası belədir: Uca Allah buyurur: “Həqiqətən, göylərin və yerin yaradılışında”, yəni göylərin yüksəkliyi və genişliyində, yerin isə dərinliyi, sıxlığı və alçaqlığında, habelə onlarda müşahidə edilən ayə və dəlillərdə, axan və sabit olan ulduzlarda, dənizlərdə, dağlarda, çuxurlarda, ağaclarda, bitkilərdə, əkinlərdə, meyvələrdə, heyvanlarda, mədənlərdə və mənfəətlərdə, müxtəlif rənglərin, dadların, qoxuların və xüsusiyyətlərin olmasında, “gecə ilə gündüzün bir-birini əvəz etməsində”, yəni gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, uzunluq və qısalıqda bir-birlərindən alıb-vermələrində – bəzən biri uzanıb digəri qısalır, sonra bərabərləşirlər, sonra isə, əksinə, qısa olan uzun olandan alır və uzanır, uzun olan isə qısalır – bütün bunlarda ağıl sahibləri üçün ibrətlər vardır. Bunların hamısı Qüdrətli və Müdrik Allahın müəyyən etdiyi əzəli hökmüdür. Bu səbəbdən Uca Allah ayənin sonunda “ağıl sahibləri üçün dəlillər vardır” buyurur. Yəni varlıqları tam aydınlığı və gerçəkliyi ilə dərk edən ağıl sahibləri üçün dəlillər vardır. Onlar Uca Allahın barələrində “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (“Yusuf”, 105-106) buyurduğu haqqı anlamayan karlar və lallar kimi deyillər.
Sonra Uca Allah bu ağıl sahiblərini vəsf edərək buyurur: “O kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər...” Necə ki əl-Buxarinin “Səhih” əsərində İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, (bunu da) bacarmırsansa, uzanan yerdə qıl”. (əl-Buxari (2/483-484 Fəthul-Bari). Bəzi nüsxələrdə hədis əl-Buxari və Muslimə nisbət olunur. Bu isə səhvdir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində bildirmişdir ki, bu hədisi yalnız əl-Buxari rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 1050, 1117) Yəni onlar heç bir halda – gizlində, qəlblərində və dilləri ilə Allahı zikr etməyi tərk etməzlər. “...göylərin və yerin yaradılışı haqqında düşünər“, yəni onları yaradanın böyüklüyünə, qadir olmasına, elminə, hikmətinə, ixtiyar sahibi olmasına və rəhmətinə dəlalət edən hikmətləri başa düşərlər.
Uca Allah bir çox ayələrdə Özünün zatına, sifətlərinə, şəriətinə, qədərinə və ayələrinə dəlalət edən varlıqlarından ibrət almayanları qınayaraq buyurur: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (“Yusuf”, 105-106). Burada isə mömin qullarını tərifləyərək buyurur: “O kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan”, yəni onlar deyərlər: “Ey Rəbbimiz, Sən bunları boş yerə deyil, pislik edənləri etdikləri günaha görə cəzalandırmaq, yaxşılıq edənləri isə etdikləri yaxşılığa görə mükafatlandırmaq üçün yaratmısan”. Sonra onlar Uca Allahın məxluqatı əbəs yerə yaratmaqdan uzaq və pak olduğunu bildirərək deyərlər: “Sən pak və müqəddəssən”, yəni, Allahım, Sən bir şeyi əbəs yerə yaratmaqdan uzaqsan. “Bizi Odun əzabından qoru!”, yəni, ey varlıqları haqq və ədalətlə Yaradan, nöqsanlardan, eyiblərdən və haqsızlıqlardan uzaq olan, Öz gücün və qüvvətinlə bizi Cəhənnəm əzabından qoru! Bizi razı qalacağın əməllərə yönəlt və Nəim cənnətlərinə aparacaq, şiddətli əzabından qoruyacaq saleh əməllərə müvəffəq et!
Sonra belə deyərlər: “Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan”, yəni onu alçaldar və Qiyamət günü toplanan hər kəsin qarşısında rəzil edərsən. “Zalımların heç bir köməkçisi olmaz”, yəni Qiyamət günü zalımları Səndən qurtaracaq heç kim tapılmaz və Sənin onlara etmək istədiyindən qurtula bilməzlər. “Ey Rəbbimiz! Həqiqətən, biz “Rəbbinizə iman gətirin!” deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik”, yəni bizi imana çağıran dəvətçini – Peyğəmbəri ﷺ eşitdik. Bu Peyğəmbər “Rəbbinizə iman gətirin!” deyirdi, biz də onun çağırışını qəbul etdik və iman gətirdik. “Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla”– ey Rəbbimiz, Sənin peyğəmbərinə iman gətirib, tabe olduğumuz üçün günahlarımızı bağışla. Yəni günahlarımızın üstünü ört, “təqsirlərimizdən keç”– Səninlə bizim aramızda olan günahlarımızı keç “və canımızı yaxşılarla bir yerdə al!”, yəni bizi əməlisalehlərə qovuşdur.
“Ey Rəbbimiz! Öz elçilərinin vasitəsilə vəd etdiklərini bizə ver”. Bəzi alimlər bu ayənin təfsirində demişlər: “Yəni elçilərinə iman gətirdiyimiz təqdirdə bizə vəd etdiyin mükafatı ver”. Bəzi alimlər isə demişlər: “Yəni elçilərinin dilləri ilə vəd etdiklərini bizə ver”. İkinci təfsir daha doğrudur. “Qiyamət günü bizi rəzil etmə!” Qiyamət günü insanların içində bizi rəzil etmə. “Şübhəsiz ki, Sən vədindən dönməzsən!”, yəni elçilərinə verdiyin vədin – Qiyamət günü hüzuruna toplaşmağımız – mütləq baş verəcəkdir. Hədislərdə rəvayət edilir ki, Peyğəmbər ﷺ “Ali-İmran” surəsinin bu on ayəsini gecə namazına qalxdıqda oxuyardı. əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir gecə xalam Məymunənin evində gecələdim. Peyğəmbər ﷺ ailəsi ilə bir qədər söhbət etdikdən sonra yatdı. Gecənin son üçdə biri çatdıqda qalxıb yerində oturdu və göyə baxaraq “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” ayəsini oxudu. Sonra qalxıb dəstəmaz aldı və dişlərini misvakla təmizlədi. Sonra on bir rükət namaz qıldı. Bilal (Sübh namazı üçün) azan verdikdən sonra iki rükət (sübh namazının sünnəsini) qıldı. Sonra (məscidə) çıxdı və insanlara Sübh namazını qıldırdı”.  Hədisi Muslim də rəvayət etmişdir. (əl-Buxari (8/176-177 Fəthul-Bari), Muslim (1/211-214), Əhməd (2164, 3372). (Əhməd Şakir). əl-Buxari, 4203, 4569).
 
Ali-İmran, 195
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى بَعْضُكُمْ مِنْ بَعْضٍ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللَّهِ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ
195. Rəbbi onlara belə cavab verdi: “Mən sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”.

 
Uca Allah buyurur: “Rəbbi onlara belə cavab verdi”, yəni onların dualarını qəbul edib cavab verdi. Səid ibn Mənsur rəvayət etmişdir ki, bir dəfə Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, biz Uca Allahın hicrət barəsində qadınları zikr etdiyini heç eşitməmişik”. Bu səbəbdən Uca Allah: “Rəbbi onlara belə cavab verdi: “Mən sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm” ayəsini sonuna qədər nazil etdi. Ənsarlar Ummu Sələmənin kəcavədə (Kəcavə – şərqdə səfərə çıxan qadınlar üçün minik heyvanlarının üstündə düzəldilən örtülü yerdir) Mədinəyə gələn ilk mühacir qadın olduğunu demişlər”. Hədisi əl-Hakim rəvayət etmiş, sonra demişdir: “əl-Buxarinin şərtlərinə görə səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (“əl-Mustədrək” (2/300). Oxşar hədisi ət-Tabəri də rəvayət etmişdir (8367-8369). (Əhməd Şakir). əl-Hakim, 3174; ət-Tirmizi, 3023, 3296; əl-Humeydi, 320; ət-Tabəri, 8415, 8416. Hədis səhihdir)
Ayənin mənası isə belədir: Ağıl sahibləri olan möminlər Rəblərinə dua edərək əvvəlki ayələrdə keçənləri istədikdə, Rəbləri onların bu dualarını qəbul etdi. Necə ki başqa bir ayədə bu xüsusda buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yönəlsinlər” (“əl-Bəqərə”, 186).
Uca Allah buyurur: “Mən sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm”- bu, Rəblərinin onlara cavabının açıqlamasıdır. Yəni Rəbləri onların dualarına cavab verərək Öz qatında heç bir yaxşı iş görənin əməyinin boşa çıxarmayacağını, istər kişi olsun, istər qadın – hər kəsi etdiyi yaxşılığa uyğun mükafatlandıracağını bildirir.
Uca Allah buyurur: “Siz bir-birinizdənsiniz”, yəni etdikləri yaxşı əməllərə görə savabımı qazanmaq baxımından (kişi və qadınlar) eynidirlər. “Hicrət edənlərin”, yəni şirk ölkəsini tərk edərək iman ölkəsinə gələn, sevdiklərindən, dostlarından, qardaşlarından və qonşularından ayrılanların, “öz yurdlarından çıxarılanların”, yəni müşriklərin əziyyət edərək sıxışdırdığı və onları aralarından çıxmağa məcbur etdikləri kəslərin, “Mənim yolumda əziyyətə düçar olanların”, yəni insanlara görə onların günahları tək Allaha iman gətirmələri olmuşdur. Necə ki Uca Allah bu xüsusda başqa ayələrdə buyurur: “Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar” (“əl-Mumtəhənə”, 1); “Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar” (“əl-Buruc”, 8).
Uca Allah buyurur: “vuruşanların və öldürülənlərin”. Allah yolunda döyüşərək yaralanmaq, üzün qana və torpağa bulaşması ən üstün məqamdır. “Səhih” əsərində olan bir hədisdə rəvayət edilir ki, bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, əgər mən səbir edərək, savabını Allahdan umaraq, çevrilib qaçmadan davamlı irəliləyərək Allah yolunda vuruşsam və öldürülsəm, Allah mənim günahlarımı bağışlayarmı?” Peyğəmbər ﷺ “Bəli” deyə cavab verdi. Sonra dedi: “Necə dedin?” Kişi dediyini təkrarladıqda Peyğəmbər ﷺ dedi: “Bəli, yalnız borcdan başqa. Bunu bir az əvvəl mənə Cəbrail söylədi”. (Muslim (2/97-98) Əbu Qatədədən (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisi həmçinin Əhməd “Musnəd” əsərində (5/303-304 Hələbi nəşri), ət-Tirmizi (3/35-36), ən-Nəsəi (2/62) rəvayət etmişlər. əl-Munziri hədisi “ət-Tərğib” əsərində qeyd etmişdir (2/189-190). Bəzi nüsxələrdə hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərinə nisbət olunur. Lakin bu səhvdir, əlyazmalarda yalnız Muslimə nisbət olunur. əl-Buxari bu hədisi rəvayət etməmişdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 3155, 3168, 4363. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1425) Bu səbəbdən Uca Allah “əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm”- buyurur. Yəni ağacları arasından süddən, baldan, şərabdan, rəngi və dadı dəyişməyən sulardan və digər müxtəlif içkilərdən çaylar, habelə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın təsəvvür edə bilmədiyi nemətlər olacaqdır.
Uca Allah buyurur: “Bu, Allah tərəfindən bir mükafatdır”. Uca Allah mükafatın və savabın əzəmətli olmasını bildirmək üçün onları Özünə nisbət etmişdir. Çünki Əzəmətli və Səxavətli olanın verdiyi mükafat və savab da bol olar. “Gözəl mükafat məhz Allah yanındadır”, yəni yaxşı əməl edənin mükafatı ən gözəl şəkildə Allah qatındadır.
 
Ali-İmran, 196-198
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ * مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ * لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللَّهِ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لِلْأَبْرَارِ
196. Qoy kafirlərin rifah içində diyarbədiyar gəzib dolaşması səni aldatmasın!
197. Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer
Cəhənnəmdir. Ora nə pis yataqdır!
198. Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan nemətlər yaxşılar üçün daha xeyirlidir.

 
Uca Allah bu ayədə buyurur: “Kafirlərin dünyada cah-calal içində sevinc və şadlıqla yaşamalarına baxmayın. Az bir zaman sonra bunların hamısı sona çatacaq və onlar etdikləri pis əməllərinin əsirinə çevriləcəklər. Biz onların özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparmaq və küfrlərini artırmaq üçün cah-calal içində ömürlərini uzadırıq. Onların sahib olduqları “Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yataqdır!” Bu ayə Uca Allahın bu ayələrinə bənzəyir: “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın” (“Ğafir”, 4); “De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Onlar bir müddət dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq” (“Yunus”, 69-70); “Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik” (“Loğman”, 24); “Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver” (“ət-Tariq”, 17); “Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da Qiyamət günü Cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilər?” (“əl-Qəsəs”, 61).
Uca Allah kafirlərin dünyadakı hallarını və son dönüşlərinin Cəhənnəm olacağını bildirdikdən sonra belə buyurur: “Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan nemətlər yaxşılar üçün daha xeyirlidir”.
 
Ali-İmran, 199-200
وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
199. Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
200. Ey iman gətirənlər! Səbir edin, düşmən qarşısında dözümlü olun, (Allah yolunda) keşik çəkin və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

 
Bu ayələrdə Uca Allah Kitab əhlindən bir toplum barədə xəbər verərək onların Allaha düzgün şəkildə iman gətirdiklərini bildirir. Belə ki onlar daha əvvəl nazil olmuş kitablara iman gətirməklə bərabər, Muhəmmədə ﷺ nazil olan Kitaba da iman gətirmişlər. “Allaha müti olaraq iman gətirər”, yəni Allaha itaət edərək və Onun qarşısında zəlil bir halda dayanaraq boyun əyərlər, “Allahın ayələrini ucuz qiymətə satmazlar”, yəni onlar özlərində olan Muhəmmədə ﷺ dair müjdələri, onun vəsflərini, peyğəmbər olaraq göndəriləcəyini və onun ümmətinin vəsflərini gizlətməzlər. Onlar Kitab əhlinin ən yaxşıları və seçilmişləridir. Fərq etməz – istər xaçpərəst olsun, istər yəhudi. Uca Allah “əl-Qəsəs” surəsində buyurur: “Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcək. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” (“əl-Qəsəs”, 52-54). Başqa bir ayədə buyurur: “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirirlər” (“əl-Bəqərə”, 121); “Musanın qövmündən elə bir camaat var ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (“əl-Əraf”, 159); “Onların hamısı eyni deyil. Kitab əhli içərisində dinində sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar” (“Ali-İmran”, 113); “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üz üstə səcdəyə qapanır və “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır” (“əl-İsra”, 107-109).
Bu sifətlər yəhudilərdə olsa da, çox azdır. Necə ki Abdullah ibn Səlam (Allah ondan razı olsun) və ona bənzər yəhudi elm adamlarından iman gətirənlərdə bu sifətlər olmuşdur. Belə yəhudilərin sayı on nəfərə belə çatmamışdır. Xaçpərəstlərdən doğru yolu seçib haqqa boyun əyənlər isə daha çoxdur. Necə ki Uca Allah bu xüsusda belə buyurur: “Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!” deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə Cənnətə daxil edəcəyinə ümid etdiyimiz halda nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!” Belə dediklərinə görə, Allah onlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər verdi. Yaxşı iş görənlərin mükafatı budur” (“əl-Maidə”, 82-85). Burada isə belə buyurur: “Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunur ki, Həbəşistan kralı Nəcaşi (Allah ondan razı olsun) vəfat etdikdə Peyğəmbər ﷺ onun ölüm xəbərini səhabələrinə xəbər verərək “Həbəşistanda bir qardaşınız vəfat etmişdir. Ona cənazə namazı qılın!” dedi. Peyğəmbər ﷺ ona cənazə namazı qılmaq üçün səhraya çıxdı və səhabələrini səf-səf düzərək cənazə namazı qıldı. (Muslim, 1585, 2254)
İbn Əbu Hatim və İbn Mərdəveyh rəvayət etmişlər ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) belə dedi: “Həbəşistan kralı Nəcaşi vəfat etdikdə Peyğəmbər ﷺ səhabələrinə “Qardaşınız üçün Allahdan bağışlanma diləyin!” dedi. Bəzi insanlar “Həbəşistanda ölən kafir bir adama Allahdan bağışlanma diləməyi bizə əmr edir” dedikdə Uca Allah: “Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər” ayəsini nazil etdi”. (əl-Heysəmi oxşar hədisi “əz-Zəvaid” əsərində (3/38) qeyd etmiş və demişdir: “Hədisi əl-Bəzzər və ət-Tabərani “əl-Əvsət” əsərində rəvayət etmişlər”. (Əhməd Şakir). İbn Əbu Hatim, 4682)
əl-Hakim rəvayət etmişdir ki, Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) demişdir: “Nəcaşiyə qarşı onların torpaqlarından bir düşmən çıxdı. Həbəşistana hicrət etmiş müsəlmanlar Nəcaşinin yanına gəlib dedilər: “Biz də səninlə çıxıb düşmənə qarşı vuruşmaq istəyirik. Beləcə, sən bizim cəsarətimizi görmüş olarsan və biz də etdiyin yaxşılığın əvəzini vermiş olarıq”. Nəcaşi dedi: “Xeyr, Allahın köməyi ilə gələn dərd insanların köməyi ilə edilən əlacdan daha xeyirlidir”. Uca Allahın “Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər” ayəsi də onun barəsində nazil olmuşdur”. Sonra əl-Hakim demişdir: “Bu, isnadı səhih olan hədisdir, lakin əl-Buxari və Muslim onu rəvayət etməmişlər”. (əl-Mustədrək (2/300). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 3175. Hədis zəifdir, çünki hədis rəvayətçiləri arasında Musab adlı ravinin hafizəsi zəifdir. Bax: Mizan, 4/188-189; ət-Təqrib, 2/251).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Musadan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Üç qisim insan var ki, onlara ikiqat savab yazılır”. Sonra Peyğəmbər ﷺ bu üç qisim arasında “Kitab əhlindən olub öz peyğəmbərinə iman gətirmiş, sonra da mənə iman gətirən kəs” olduğunu bildirmişdir. (əl-Buxari, 219, 3011)
Uca Allah buyurur: “Allahın ayələrini ucuz qiymətə satmazlar”, yəni onlar özlərindən rəzil bir toplumun etdiyi kimi sahib olduqları elmi gizlətməzlər. Əksinə, bu elmi qarşılıqsız olaraq insanlara öyrədərlər. Bu səbəbdən Uca Allah “Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir” buyurur. Mucahid “Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”- ayəsi barədə demişdir: “Yəni tez hesablayandır”.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbir edin, düşmən qarşısında dözümlü olun, (Allah yolunda) keşik çəkin”. əl-Həsən əl-Bəsri demişdir: “Bu ayə ilə iman gətirənlərə Allahın onlar üçün seçdiyi İslam dini uğrunda səbir etmək, müsəlman olaraq ölənə qədər – həm bolluqda, həm qıtlıqda, həm çətinlikdə, həm də rahatlıqda bu dini tərk etməmək, düşmənə qarşı səbir və dözümlülük göstərmək əmr olunur”. Sələf alimlərindən bir çoxları da belə demişlər.
Ayədəki “keşik çəkin” sözünə gəlincə, bu, ibadət yerində davamlı qalmaq deməkdir. Bəzi alimlər bu sözü bir namazdan sonra oturub növbəti namazı gözləmək kimi də təfsir etmişlər. Bu təfsiri İbn Abbas, Səhl ibn Huneyf, Muhəmməd ibn Kəb əl-Qurazi və başqaları demişlər.
İbn Əbu Hatim burada, Muslim və ən-Nəsəinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri bu hədisi qeyd etmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ dedi: “Sizə sayəsində Uca Allahın günahları sildiyi və dərəcələri qaldırdığı əməlləri bildirimmi? Bu əməllər; çətinliklərə rəğmən gözəl şəkildə dəstəmaz almaq, məscidlərə gedərkən çox sayda addım atmaq və bir namazdan sonra digər namazı gözləməkdir. Bunlar keşiyində durmağa layiq işlərdir. Bunlar keşiyində durmağa layiq işlərdir. Bunlar keşiyində durmağa layiq işlərdir”. (Muslim (1/86), Əhməd (7208, 7715, 8008), ət-Tabəri (8397, 8398). (Əhməd Şakir). Muslim, 369, 610; ən-Nəsəi “Sunən” 143)
Bəzi alimlər isə ayədə “keşik çəkin” dedikdə düşmənlə sərhəddə dayanıb keşik çəkməyin, yəni İslam hüdudlarını qoruyaraq düşmənin müsəlmanların ölkələrinə girməsinə mane olmağın nəzərdə tutulduğunu demişlər. Sünnədə bu əmələ təşviq edən hədislər varid olmuş və bu əməlin savabının çox olduğu bildirilmişdir. əl-Buxarinin “Səhih” əsərində Səhl ibn Sad əs-Saididən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Allah yolunda bir gün sərhəddə keşik çəkmək dünya və onun üzərindəkilərdən daha xeyirlidir”. (əl-Buxari, 2678, 2892) Muslim Salman əl-Farisidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah yolunda (müsəlmanı qorumaq üçün) bir gün və bir gecə keşik çəkmək, bir ay oruc tutmaqdan və gecə namazlarına qalxmaqdan daha xeyirlidir. Əgər o əsnada ölərsə, etdiyi əməlin savabı ona yazılmaqda davam edər, ruzi verilər və qəbir sorğu-sualını aparan mələkdən (Munkər və Nəkir mələklərindən) əminlikdə olar”.
İmam Əhməd Fudalə ibn Ubeyddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Hər kəs öldükdən sonra əməl dəftəri bağlanır. Yalnız Allah yolunda (sərhəddə) keşik çəkəndən başqa. Onun əməli Qiyamət gününədək artar və qəbir imtahanından əminlikdə olar”. Hədisi Əbu Davud və ət-Tirmizi eyni şəkildə rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Hədis həsən-səhihdir”. Hədisi həmçinin İbn Hibban “Səhih” əsərində rəvayət etmişdir. (“Musnəd” (6/20 Hələbi nəşri), ət-Tirmizi (3/2). (Əhməd Şakir). Əhməd, 23996, 24000, 24450. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4562).
əl-Buxari “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Dinarın qulu, dirhəmin qulu və zər-zibalı paltarın qulu bədbəxt olsun! Beləsinə bir şey verilsə, razı qalar, verilməsə, qəzəblənər. Beləsi bədbəxt olsun, azar canından çıxmasın və bədəninə batan tikanı çıxardacaq bir kimsə tapılmasın! Saçları dağınıq və ayaqları toz-torpağa bulaşmış halda Allah yolunda (cihad edərkən) atının cilovundan tutan bəndənin xoş halına! Beləsinə (müsəlmanların rifahı naminə) keşik çəkmək tapşırılarsa, (onların) keşiyində durar, arxaya göndərilərsə, arxada durar. Özü də təvazökar olduğundan bir iş üçün izn istəsə, ona izn verilməz, havadarlıq etsə, havadarlığı keçməz”. (əl-Buxari (6/61-62 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 2673, 2887).
Uca Allah buyurur: “Allahdan qorxun ki...”, yəni bütün işlərinizdə və hər halınızda Allahdan qorxun. Necə ki Peyğəmbər ﷺ Muazı Yəmənə göndərərkən ona “Harada olursansa ol, Allahdan qorx. Pisliyin ardından yaxşılıq et ki, onu silsin və insanlarla gözəl əxlaqla rəftar et!” buyurmuşdur. (Bu hədis ən-Nəvəvinin “Qırx hədis” əsərində on səkkizinci hədisdir. Hədis Əbu Zərr və Muazdan (Allah onlardan razı olsun) rəvayət olunur. Hədisi ət-Tirmizi (1987) rəvayət etmiş və həsən olduğunu bildirmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 1987, 2115. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 5083). “Bəlkə, nicat tapasınız!”, yəni dünya və Axirətdə nicat tapasınız.
 
 
Ali-İmran surəsinin təfsiri tamamlandı.
 
Həmd olsun aləmlərin Rəbbinə!