ən-Nisa (Qadınlar) surəsi

    13.10.2026

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
تَفْسِيرُ سُورَةِ النِّسَاءِ
ən-Nisa surəsinin təfsiri
İbn Abbas (Allah ondan razı olsun) demişdir: ”ən-Nisa” surəsi Mədinədə nazil olmuşdur”. İbn Mərdəveyh Abdullah ibn əz-Zubeyr və Zeyd ibn Sabitin (Allah onlardan razı olsun) də belə dediklərini rəvayət etmişdir. əl-Hakim isə Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: ”ən-Nisa” surəsində dünya və içindəkilərə dəyişməyəcəyim beş ayə var. Bu ayələr: “Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər” (“ən-Nisa”, 40); “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir yerə – Cənnətə daxil edərik” (“ən-Nisa”, 31); “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur” (“ən-Nisa”, 48); “Biz hər bir elçini, – Allahın izni ilə, – məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər” (“ən-Nisa”, 64); “Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər” (“ən-Nisa”, 110)”. əl-Hakim hədisi rəvayət etdikdən sonra demişdir: “Əgər Abdur-Rahmən atasından (Abdullah ibn Məsuddan) bu hədisi eşitmişsə, o zaman hədisin isnadı səhihdir. Alimlər Abdur-Rahmənin atasından hədis eşitməsi məsələsində fikir ayrılığına düşmüşlər”. (əl-Hakim (2/305). Abdur-Rahmən ibn Abdullah atası Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) hədis eşitmişdir. əl-Buxari “ət-Tarixus-Sağir” (səh. 40) əsərində bunu üstün saymışdır. İbn Əbu Hatim “əl-Cərh vət-Tədil” (2/2/248) əsərində bunu qəti şəkildə bildirmiş və bu məsələ ilə əlaqəli başqa bir rəy qeyd etməmişdir. Həmçinin biz də “Musnəd” əsərinin şərhində (3690, 3835) bu rəyi üstün görmüşük. (Əhməd Şakir). əl-Hakim, 3194). əl-Hakim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Məndən “ən-Nisa” surəsinin təfsirini soruşun. Həqiqətən, mən Quranı kiçik ikən oxumuşam”. Sonra əl-Hakim demişdir: “Bu hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim (2/301). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 3178).
 
ən-Nisa, 1
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Xatirinə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.

 
Uca Allah bu ayədə insanlara Ondan qorxmağı, təqvalı olmağı əmr edir. Allah qorxusu (təqva) – şəriki olmayan Tək Allaha ibadət etməkdir. Habelə Uca Allah ayədə insanları tək bir candan, yəni Adəmdən, “ondan zövcəsini”, yəni Həvvanı yaratdığını bildirməklə hər şeyə qadir olduğunu diqqətə çəkir. Uca Allah Həvvanı Adəmin (ona salam olsun) sol arxa qabırğasından yaratmışdır. İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Qadın kişidən yaradıldığı üçün Allah onu kişiyə möhtac etmişdir. Həmçinin kişi də torpaqdan yaradıldığı üçün Allah onu torpağa möhtac etmişdir. Odur ki qadınlarınızı qoruyun”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (2/116) hədisi əlavə olaraq İbn əl-Munzirə və əl-Beyhəqinin “əş-Şuəb” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 4718). Səhih bir hədisdə belə deyilir: “Həqiqətən, qadın qabırğadan xəlq edilmişdir. Qabırğanın əyri tərəfi isə yuxarı hissəsidir. Sən onu düzəltmək istəsən, sındırarsan. Odur ki əgər ondan faydalanmaq istəsənsə, əyri halda faydalan”. (Muslim (1/421), əl-Buxari (6/261-162) və Əhməd müxtəsər olaraq (9520, 9794, 10868) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 2670, 3719).
Uca Allah buyurur: “...və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan”, yəni Adəm və Həvvadan (ona salam olsun) bir çox kişi və qadın yaradan və onları müxtəlif siniflər, xasiyyətlər, rənglər və dillər olmaqla dünyanın müxtəlif yerlərinə yayan Rəbbinizdən qorxun. Bundan sonra Onun hüzuruna dönəcəksiz və Onun hüzurunda toplanacaqsınız.
Sonra Uca Allah buyurur: “Xatirinə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!”, yəni Allahdan Ona itaət etməklə qorxun. İbrahim, Mucahid və əl-Həsən bu ayəni belə təfsir etmişlər: “Bu, bir nəfərin “Səndən Allahın adına və qohumluq xatirinə istəyirəm” deməsi kimidir”. əd-Dahhək isə belə demişdir: “Yəni adı ilə bir-birinizlə müqavilələr və əhdlər bağladığınız Allahdan qorxun. Qohumluq əlaqələrini kəsməkdən çəkinin. Əksinə, qohumlara yaxşılıq etməklə əlaqələri möhkəmləndirin”. İbn Abbas, Mucahid, İkrimə və digərləri də belə demişlər.
Mucahid və digər alimlərin dediyi kimi, bəzi qarilər ayədə gələn الأَرْحَامَ [əl-ərhə:mə] sözünü بِهِ [bihi] “xatirinə” sözünə aid edərək الأَرْحَامِ [əl-ərhə:mi] kimi oxumuşlar. Yəni Allah və qohumluq xatirinə bir-birinizdən cürbəcür şeylər istəyirsiniz.
Uca Allah buyurur: “Həqiqətən, Allah sizə nəzarət edir”, yəni Allah sizin hər bir işinizə və halınıza tam şəkildə nəzarət edir. Başqa bir ayədə belə buyurur: “Allah hər şeyə Şahiddir” (“əl-Buruc”, 9). Səhih bir hədisdə Peyğəmbər ﷺ “Allaha sanki Onu görürmüşsən kimi ibadət et. Sən Onu görməsən də, bil ki, O səni görür” (Bu hədis Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət olunan “Cəbrailin hədisi” kimi tanınan hədisin bir hissəsidir. Cəbrail Peyğəmbərə ﷺ sual verərək “Mənə ehsan barədə xəbər ver!” demişdir. Peyğəmbər ﷺ cavabında demişdir: “Ehsan Allaha sanki Onu görürmüşsən kimi ibadət etməkdir. Sən Onu görməsən də, bil ki, O səni görür”. Hədisi Muslim rəvayət etmişdir (1/17). Həmçinin “Musnəd” (184) əsərinə bax. Burada olan mətni isə Əbu Nueym “əl-Hilyə” əsərində (8/202-203) Zeyd ibn Ərqamdan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir) buyuraraq Allahın hər şeyə nəzarət etdiyini bildirmişdir. Bu səbəbdən Uca Allah ayədə insanların əslinin bir ata-anadan olduğunu qeyd etmişdir ki, bir-birlərinə qarşı xeyirxah olsunlar, zəiflərə mərhəmət və şəfqət göstərsinlər. Muslim “Səhih” əsərində Cərir ibn Abdullah əl-Bəcəlidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Mudar qəbiləsindən ayaqyalın, zolaqlı yun əbalarını başlarından keçirərək geyinmiş, yəni kasıblıqdan köhnə-kürüş paltarlar geyinmiş bir qrup insan gəldikdə Peyğəmbər ﷺ günorta namazından sonra qalxıb xütbə verdi və xütbəsində Uca Allahın bu ayələrini oxudu: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Xatirinə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (“ən-Nisa”, 1). “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” (“əl-Həşr”, 18). Sonra Peyğəmbər ﷺ səhabələrini sədəqə verməyə təşviq edərək dedi: “Qoy kimisi əlində olan dinarından, kimisi dirhəmindən, kimisi bir qab buğdasından, kimisi də xurmasından sədəqə versin!” Sonra hədisi sonuna qədər tamamladı. (Muslim (1/278-279). Bu, uzun hədisdən bir hissədir. (Əhməd Şakir). Muslim, 1691, 2398).
 
ən-Nisa, 2-4
وَآتُوا الْيَتَامَى أَمْوَالَهُمْ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا * وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلَّا تَعُولُوا * وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَرِيئًا
2. Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.
3. Əgər himayənizdə olan yetim qızlarla evlənəcəyiniz təqdirdə ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, onda onlardan biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır.
4. Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə onun bir qismini sizə bağışlasalar, onu nuşcanlıqla və halallıqla yeyin!

 
Uca Allah bu ayədə yetimlər həddi-büluğa çatdığı təqdirdə mallarının özlərinə qaytarılmasını əmr edərək onların mallarını öz mallarımıza qataraq yeməyi qadağan edir. Bu səbəbdən “yaxşını pis ilə dəyişməyin” buyurur. Səid ibn Cubeyr ayənin təfsirində demişdir: “Yəni öz halal mallarınızı insanların mallarından haram yolla əldə etdiklərinizlə dəyişməyin”. Həmçinin demişdir: “Öz halal malınızı israf edib, əvəzində insanlardan haram yolla əldə etdiyiniz malları yeməyin”.
“Onların mallarını öz mallarınıza qatıb yeməyin”. Mucahid, Səid ibn Cubeyr və başqaları demişlər: “Yəni onların mallarını öz mallarınıza qatıb hamısını yeməyin”. Uca Allahın “Şübhəsiz ki, bu, böyük günahdır” ayəsindəki حُوباً [hu:bən] sözünü İbn Abbas (Allah ondan razı olsun) “günah” kimi təfsir etmişdir. Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqalarından da belə rəvayət edilmişdir. Buna görə ayənin mənası belədir: “Yetimlərin mallarını öz mallarınıza qatıb yeməyiniz böyük bir günah, böyük bir səhvdir. Bundan çəkinin”.
Uca Allah buyurur: “Əgər himayənizdə olan yetim qızlarla evlənəcəyiniz təqdirdə ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin”, yəni əgər sizlərdən birinin himayəsində yetim qız olarsa və bu qızla evlənmək istədiyi təqdirdə ona özünə layiq olan mehri verməyəcəyindən qorxarsa, bu halda başqa qadınlarla evlənsin. Çünki başqa qadınlar çoxdur və Uca Allah onlarla evlənməkdə bir çətinlik qoymamışdır. əl-Buxari rəvayət edir ki, Urva ibn əz-Zubeyr demişdir: “Bir dəfə Aişədən Uca Allahın “Əgər himayənizdə olan yetim qızlarla evlənəcəyiniz təqdirdə ədalətlə davranmayacağınızdan qorxsanız...” ayəsi barəsində soruşduqda Aişə dedi: “Bacıoğlu, bu ayədə bəhs edilən yetim qız hamisinin himayəsi altındadır və hamisi onun malına şərikdir. Özü də qızın həm malına, həm də özünə meyli var. Hamisi onunla evlənmək istəyir, lakin onun mehrini insafla, yəni adətən evlənmək istəyən kişinin aldığı qıza verdiyi şəkildə verməkdən boyun qaçırır. Belələrinə himayələrində olan yetim qızlarla evlənmək qadağan edilmişdir. Lakin əgər mehr xüsusunda ədalətlə hərəkət edərlərsə və bu qızlara başqa qadınlara verilən mehrin ən yaxşısını verərlərsə, bu halda onlarla evlənə bilərlər. Əks təqdirdə, onlara xoşlarına gələn başqa halal qadınlarla evlənmək əmr olunur”. Urva rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bu ayədən sonra insanlar Peyğəmbərdən ﷺ qadınlar barəsində hökm verməsini istədilər və Uca Allah bu ayəni nazil etdi: “Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində hökmü sizə Allah və Kitabdan sizə oxunan ayələr verir. Özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlarla, aciz uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin!” Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir” (“ən-Nisa”, 127). Aişə (davam edərək belə) dedi: “Bu ayədə “evlənmək istədiyiniz” dedikdə birinizin himayəsi altında olan yetim qızın malı az, özü də gözəl olmadığı üçün onunla evlənmək istəyi olmaması nəzərdə tutulur. Odur ki kişilərə himayələrində olan yetim qızların malına və gözəlliyinə görə onlarla evlənmək qadağan edilmişdir. Çünki əgər bu qızların malı az olsaydı, özləri də çox gözəl olmasaydılar, bu himayədarlar onlarla evlənməzdilər. Ancaq mehr xüsusunda ədalətlə hərəkət etsələr, onlarla evlənə bilərlər”. (əl-Buxari (8/179-180 Fəthul-Bari). Oxşar hədisi ət-Tabəri müxtəsər və geniş olaraq yeddi isnadla rəvayət etmişdir (8456-8461, 8477). (Əhməd Şakir). əl-Buxari, 2194, 4208, 4574; Muslim, 3018).
Uca Allah buyurur: “...ikisi, üçü və dördü ilə evlənin”, yəni yetim qızlardan başqa qadınlardan istədiyinizlə evlənin. İstəyən ikisi, istəyən üçü, istəyən də dördü ilə evlənsin. Necə ki Uca Allah başqa bir ayədə “Həmd, göyləri və yeri yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur!” (“Fatır”, 1) buyurur. Yəni mələklərdən eləsi var ki, onun iki, eləsi var ki, onun üç, eləsi də var ki, onun dörd qanadı var. Başqa bir dəlil olduğu üçün bu ayə daha çox qanadlı mələklərin olmasını inkar etmir. (İbn Məsud (Allah ondan razı olsun) Uca Allahın “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi” (“ən-Nəcm”, 9) ayəsinin təfsirində demişdir: “Peyğəmbər ﷺ Cəbraili (öz surətində) gördüyündə onun altı yüz qanadı vardı” (əl-Buxari, 2993, 3232). Bu hədis ayədə qeyd olunandan daha çox qanadı olan mələklərin olmasına dəlildir). Bu ayədə isə belə deyil. İbn Abbas və cumhur alimlərin dediyi kimi, bu ayə kişilərin ən çox dörd qadınla evlənə biləcəklərini bildirir, çünki bu ayədə Uca Allah nemətini xatırladır və nəyin icazəli olduğunu bildirir. Əgər eyni vaxtda dörddən artıq qadınla nikahda olmaq icazəli olsaydı, əlbəttə, ayədə bu bildirilərdi. əş-Şafii demişdir: “Uca Allahın əmrlərini açıqlayan Peyğəmbərin ﷺ hədisləri Peyğəmbərdən başqa, heç kimə eyni vaxtda dörddən artıq qadınla evli olmasının icazəli olmamasına dəlalət edir”. əş-Şafiinin bu dedikləri alimlər arasında yekdilliklə qəbul olunmuşdur. Yalnız şiə məzhəbində olan bəzi firqələrdən nəql olunur ki, bir kişi eyni vaxtda dörddən doqquza qədər qadınla nikahlı ola bilər. Bəziləri isə qadınlarla evlənməkdə say məhdudiyyəti qoymamışlar. Ola bilsin, bəziləri bu məsələdə Peyğəmbərin ﷺ eyni vaxtda dörddən artıq, yəni doqquz qadınla evlənməsini əsas gətirsinlər. Necə ki bu barədə əl-Buxari və Muslimin “Səhih” əsərlərində hədis varid olmuşdur. Lakin alimlərə görə, bu, ümmətin digər fərdlərinə deyil, yalnız Peyğəmbərə ﷺ xas olan xüsusiyyətlərdən biridir. Peyğəmbərdən başqalarına gəlincə isə, onlar eyni vaxtda yalnız dörd qadınla evli ola bilərlər və buna dəlalət edən hədisləri zikr edəcəyik.
İmam Əhməd İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Ğaylən ibn Sələmə əs-Səqafi İslamı qəbul etdikdə on qadınla evli idi. Peyğəmbər ﷺ ona dedi: “Qadınlarından dördünü seç və saxla, digərlərindən isə ayrıl”. Ömərin xilafəti dövründə Ğaylən zövcələrini (mirasdan məhrum etmək üçün) boşadı və mal-dövlətini oğulları arasında böldü. Onun bu davranışı Ömərə gəlib çatdıqda Ömər dedi: “Mənə elə gəlir ki, göydən xəlvətcə xəbər oğurlayan şeytan sənin ölüm xəbərini eşitmiş və bunu sənin qəlbinə salmışdır. Ola bilsin, sən çox yaşamayacaqsan. Allaha and olsun ki, ya qadınlarını qaytaracaqsan və onları malına şərik edib varis edəcəksən, ya da Əbu Riğalın (Əbu Riğal zalım bir insan olmuşdur. Qəbri Məkkə ilə Taif arasında yerləşirdi. Sağlığında zalım olduğuna görə yanından keçən insanlar onun qəbrinə daş atıb keçərdilər) qəbri daşqalaq edildiyi kimi, sənin də qəbrinin daşqalaq edilməsini əmr edəcəyəm”. əş-Şafii, ət-Tirmizi, İbn Məcə, əd-Dəraqutni, əl-Beyhəqi və başqaları bu hədisi “Qadınlarından dördünü seç və saxla” sözünə qədər olan hissəsini rəvayət etmişlər. Hədisin Ömərlə (Allah ondan razı olsun) əlaqəli olan hissəsini isə yalnız İmam Əhməd rəvayət etmişdir. Bu hissə faydalı bir əlavədir. Əvvəldə qeyd etdiyimiz, İmam Əhmədin “Musnəd” əsərində keçən hədisin isnadındakı ravilər əl-Buxari və Muslimin şərtlərinə uyğun olan etibarlı şəxslərdir. (əl-Musnəd (4631). (Əhməd Şakir). Əhməd, 4631. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1883). Hədisin dəlalət etdiyi hökmə gəlincə, əgər dörddən artıq qadınla eyni anda evli olmaq icazəli olsaydı, Peyğəmbər ﷺ Ğaylənə onunla birlikdə İslamı qəbul etmiş digər qadınları ilə də evli qalmasına icazə verərdi. Peyğəmbərin ﷺ Ğaylənə qadınlarından dördünü saxlayıb digərlərindən ayrılmasını əmr etməsi dəlalət edir ki, heç bir halda eyni anda dörd qadından artığı ilə evli olmaq icazəli deyil. Əgər İslamdan əvvəl dörd qadından artığı ilə evli olanın hökmü belədirsə, İslamdan sonra dörd qadından çox almaq əsla olmaz. Ən doğrusunu isə Uca və Nöqsansız Allah bilir.
Uca Allah buyurur: “Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, onda onlardan biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin”, yəni birdən çox qadınla evli olduğunuz halda aralarında ədalətli davranmayacağınızdan qorxsanız, belə bir narahatlığı olan kəs bir qadınla və ya cariyələri  ilə kifayətlənsin, çünki cariyələr arasında bərabər bölgü aparmaq vacib deyil, müstəhəbdir. Lakin kim cariyələr arasında da ədalətlə bölgü apararsa, bu onun üçün yaxşı olar. Aparmasa, buna görə ona günah yazılmaz. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə davrana bilməzsiniz” (“ən-Nisa”, 129).
Uca Allah buyurur: “Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır”. Bəzi alimlər bu ayəni “Bu, ailənizin (məsrəflərinizin) artmaması üçün daha uyğundur” kimi təfsir etmişlər. Bu rəyi Zeyd ibn Əsləm, Süfyan ibn Uyeynə və əş-Şafii demişlər. Ayəni belə təfsir edənlər Uca Allahın “Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar” (“ət-Tövbə”, 28) ayəsinə əsaslanmışlar. Belə ki ayədə keçən عَيْلَةً [aylətən] sözü burada “kasıblıq” mənasındadır. Lakin ayənin belə təfsir edilməsi şübhəlidir, belə ki azad qadınların sayının çoxalması ilə ailə məsrəflərinin artdığı kimi, cariyələrin sayının artması ilə də ailə məsrəfi çoxalır. Bu ayənin təfsirində doğru rəy əksər alimlərin təfsiridir. Bu rəyə görə, ayənin mənası belədir: “Bu sizin zülm etməməyiniz üçün daha uyğundur”. İbn Əbu Hatim, İbn Mərdəveyh və İbn Hibban “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ “Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır” ayəsi barədə demişdir: “Zülm etməməyiniz üçün daha uyğundur”. İbn Əbu Hatim demişdir: “Atam bu hədisin (Peyğəmbərə nisbət olunmasının) səhv olduğunu demişdir. Doğru olan budur ki, bu, Aişənin öz sözüdür”. İbn Abbas, Aişə, Mucahid, İkrimə, əl-Həsən və başqalarının ayəni “Bu sizin ədalətdən yayınmamağınız üçün daha uyğundur” şəklində təfsir etdikləri də rəvayət edilir.
Uca Allah buyurur: “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə keçən نِحْلَةً [nihlə] sözü mehr mənasını verir”. Aişə (Allah ondan razı olsun) isə bu sözün “vacib olaraq” mənasında olduğunu bildirmişdir. İbn Zeyd demişdir: “Ərəb dilində نِحْلَةً [nihlə] sözü vacib mənasındadır. Uca Allah bu ayədə qadınlarla yalnız vacib olan mehr müqabilində nikah bağlanmasını buyurur. Həmçinin bildirir ki, Peyğəmbərin ﷺ dövründən sonra (vəhy kəsildiyi üçün) heç kimə qadınla vacib olan mehri ödəmədən evlənmək və haqsız yerə yalan mehr kəsmək icazəli deyil.
Bu ayənin təfsirində alimlərin dediklərinin mənası belədir: Qadınla evlənərkən ona mehr vermək qəti olaraq kişiyə vacibdir və kişi bunu könül xoşluğu ilə verməlidir. İnsan hədiyyəni öz istəyi ilə verdiyi kimi, qadına da mehri eyni şəkildə könül xoşluğu ilə verməlidir. Əgər mehr verildikdən sonra qadın könüllü olaraq mehrin hamısını və ya bir hissəsini ərinə bağışlasa, ər gözəl şəkildə və halallıqla ondan yesin. Bu səbəbdən Uca Allah ayənin sonunda “Əgər onlar öz xoşları ilə onun bir qismini sizə bağışlasalar, onu nuşcanlıqla və halallıqla yeyin!” buyurur.
 
ən-Nisa, 5-6
وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا * وَابْتَلُوا الْيَتَامَى حَتَّى إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَنْ يَكْبَرُوا وَمَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ وَكَفَى بِاللَّهِ حَسِيبًا
5. Allahın sizin üçün dolanışıq vasitəsi etdiyi mallarınızı səfehlərə verməyin. Onları o maldan yedirdib geyindirin və onlara xoş söz söyləyin.
6. Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyüb mallarını geri alacaqlar deyə, o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan qəyyum nəfsini saxlasın, yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.

 
Uca Allah bu ayələrdə insanların həyatda qalmaları üçün vasitə etdiyi malları ağılsızların idarəçiliyinə verməyi qadağan edir. Həyatda qalmaq üçün vasitə dedikdə ticarət və sair bu kimi dolanışıq vasitələri nəzərdə tutulur. Bu ayədən çıxan hökmlərdən biri də budur ki, səfehlərin malı idarə etməsi qadağandır. Mal idarə etmək qadağan olunanlar bunlardır: bəzən azyaşlı olduğuna görə qadağan olunur, çünki azyaşlı uşaq öz istəyini tam ifadə edə bilmir; bəzən dəli olduğuna görə qadağan olunur; bəzən əqli və ya dini naqisliyə görə qadağan olunur; bəzən isə müflis olduğuna görə qadağan olunur. Müflis dedikdə borcu çox olan və bu borclarını ödəməyə malı çatmayan kəs nəzərdə tutulur. Belə halda, əgər borc sahibləri hakimdən borclunun malının üzərinə həbs qoyulmasını tələb etsələr, hakim onun malının üzərinə həbs qoyur və ona malından istifadə etməyi qadağan edir. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allahın sizin üçün dolanışıq vasitəsi etdiyi mallarınızı səfehlərə verməyin” ayəsi barədə demişdir: “Səfehlər dedikdə oğullarınız və arvadlarınız nəzərdə tutulur”. Abdullah ibn Məsud, əl-Həkəm ibn Uteybə, əl-Həsən və əd-Dahhək da belə demişlər: “Səfehlər dedikdə qadınlar və uşaqlar nəzərdə tutulur”. Səid ibn Cubeyr demişdir: “Onlar yetimlərdir”. Mucahid, İkrimə və Qatədə isə “Onlar qadınlardır” demişlər.
Uca Allah buyurur: “Onları o maldan yedirdib geyindirin və onlara xoş söz söyləyin”. İbn Abbas (Allah ondan razı olsun) ayəni təfsir edərək belə demişdir: “Uca Allah deyir ki, malını və Allahın sənin  ixtiyarına verib dolanışıq vasitəsi etdiyi şeyləri zövcələrinə və uşaqlarına verib sonra onlara möhtac olub onların əlinə baxma. Əksinə, malını əlində saxla və onu artır. Malını onların geyəcəklərinə, yeyəcəklərinə və dolanışıqlarına xərcləyən sən ol”.
İbn Cərir Əbu Musanın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Üç sinif insan var ki, Allaha dua edərlər, Allah isə onların dualarını qəbul etməz; arvadı pis xasiyyətli olduğu halda onu boşamayan kişi, Uca Allah “...mallarınızı səfehlərə verməyin” buyurduğu halda malını səfehə verən kəs və bir də borc verdiyi zaman şahid tutmayan kəs”. (ət-Tabəri (8544). İsnadı səhihdir. Həmçinin əl-Hakim (2/302) başqa bir isnadla Peyğəmbərin ﷺ sözü olaraq rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin hədis Şöbədən Əbu Musanın sözü olaraq rəvayət edildiyinə görə, əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi bununla razılaşmışdır. Mənə görə hər iki isnad səhihdir, çünki hədisin başqa bir isnadla Peyğəmbərə ﷺ nisbət olunması mötəbər ravinin əlavəsidir. Bu isə məqbul sayılır. Bundan başqa, aydın görünür ki, səhabənin bu hədisi öz rəyi ilə deməsi mümkün deyil. Bu səbəbdən hədis hökm baxımından Peyğəmbərin ﷺ sözüdür. Həmçinin hədisi əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (2/120-121) rəvayət etmişdir. əs-Suyuti Peyğəmbərə ﷺ nisbət olunan hədisi əl-Beyhəqinin “əş-Şuəb” əsərinə, Əbu Musaya (Allah ondan razı olsun) nisbət olunanı isə İbn Əbu Şeybəyə və İbn əl-Munzirə nisbət etmişdir. (Əhməd Şakir). əl-Hakim, 3181. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1805).
Mucahid Uca Allahın “və onlara xoş söz söyləyin” ayəsi barədə demişdir: “Yəni onlara yaxşılıq edin və qohumluq əlaqələrini möhkəmlədin”. Bu ayə ailəyə və mal etibar olunmayan şəxslərə (uşaq, qadın və s.) yaxşılıq etməyi, onların geyimlərinə və yeməklərinə mal sərf etməyi, onlara gözəl söz deməyi və onlarla gözəl əxlaqla davranmağı buyurur.
Uca Allah buyurur: “Yetimləri nikah yaşına çatanadək sınayın”. Mucahid demişdir: “Yəni həddi-büluğa çatana qədər”. Əksər alimlər demişlər: “Oğlan uşağının həddi-büluğa çatması bəzən ehtilam olması ilə bilinir. Ehtilam olmaq – uşağın yuxuda cinsiyyət orqanından suyun (spermanın) sürətlə axmasına səbəb olan bir şey görməsidir. Əbu Davud möminlərin əmiri Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbərdən ﷺ bu şeyləri əzbərlədim: “Ehtilam olduqdan sonra yetimlik və gün boyu axşama qədər susmaqla oruc tutmaq yoxdur (Cahiliyyə dövründə ərəblər gün ərzində danışmazdılar və bunu oruc tutmaq sayardılar).”. (Əbu Davud (2873). İsnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 2875. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7609). Aişə və digər səhabələrdən (Allah onlardan razı olsun) rəvayət edilən başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Üç sinif insandan qələm qaldırılmışdır (günah yazılmır): ehtilam olanadək (həddi-büluğa çatanadək) uşaqdan; oyananadək yatandan və ağlı başına gələnədək (sağalanadək) ruhi xəstədən”. (Hədisi mənaca Əhməd, Əbu Davud və əl-Hakim Ömər və Əlidən, ət-Tirmizi, İbn Məcə və əl-Hakim Əlidən, Əhməd, Əbu Davud, ən-Nəsəi, İbn Məcə və əl-Hakim isə Aişədən (Allah onlardan razı olsun) rəvayət etmişlər. Bax: “əl-Fəthul-Kəbir” (2/135). (Əhməd Şakir). Əbu Davud, 4403, 4405; İbn Məcə, 2041. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2043, 2533).
Həmçinin bildirmişlər ki, bəzən (ehtilam və heyz olmadıqda) həddi-büluğ insanın on beş yaşına çatması ilə təyin edilir. Bunu deyənlər əl-Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edilən bu hədisə əsaslanmışlar. Abdullah ibn Ömər (Allah ondan razı olsun) belə demişdir: “Mən hələ on dörd yaşında ikən məni Uhud döyüşündə Peyğəmbərə ﷺ göstərdilər, lakin o mənə (döyüşə qatılmağa) izn vermədi. Sonra mən on beş yaşında ikən Xəndək döyüşündə məni (yenə) Peyğəmbərə ﷺ göstərdilər və o mənə (döyüşə qatılmağa) izn verdi”. Bu hədis möminlərin əmiri Ömər ibn Abdul-Azizə çatdıqda o “Bu, kiçiklə böyük arasında fərqdir” dedi”. (İbn Məcə, 2543. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1186).
Cinsiyyət orqanının ətrafında sıx və qalın tüklərin çıxmasının həddi-büluğa dəlalət edib-etməməsi məsələsində alimlər ixtilaf etmişlər. Doğru olan rəy budur ki, bu, həddi-büluğa dəlalət edir. Çünki bu hal bütün uşaqlar üçün eynidir və insanın təbiəti ilə əlaqədardır. Həmçinin İmam Əhmədin Atiyyə əl-Qurazidən (Allah ondan razı olsun) rəvayət etdiyi hədis də buna dəlalət edir. Atiyyə əl-Qurazi (Allah ondan razı olsun) demişdir: “Qureyza döyüşü günü bizi Peyğəmbərə ﷺ göstərdilər. Övrət yerində tük bitənlər öldürüldü, tük bitməyənlər isə sərbəst buraxılırdı. Mən övrət yerində tük bitməyənlər içindəydim, bu səbəbdən məni də sərbəst buraxdı”. (“əl-Musnəd” (4/310 Hələbi nəşri). (Əhməd Şakir). ət-Tirmizi, 1584, 1680; İbn Məcə, 2541; Əhməd, 18798, 18983. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3974). Oxşar hədisi dörd “Sunən” sahibləri rəvayət etmişlər. ət-Tirmizi hədisi “həsən-səhih” adlandırmışdır. Bu hadisə Sad ibn Muazın (Allah ondan razı olsun) onlar barədə döyüşçülərinin öldürülüb, qadın və uşaqların isə əsir alınması hökmünü verdikdən sonra baş vermişdir. (Hadisənin xülasəsi belədir: Peyğəmbər ﷺ Mədinəyə gəldikdə orada olan yəhudi qəbilələrindən ona qarşı döyüşməyəcəkləri barədə əhd almışdı. Xəndək döyüşündə kafirlər yığışıb Mədinəni mühasirəyə aldıqda yəhudilərdən Bənu Qureyza qəbiləsi əhdi pozub kafirlərin tərəfinə keçdi. Uca Allah kafirləri məğlub etdikdən sonra Peyğəmbər ﷺ Bənu Qureyza qəbiləsini mühasirəyə aldı. Onlar isə Sad ibn Muazın hakim təyin edilməsi ilə razılaşdılar və Sadın verdiyi hökmü qəbul edəcəklərini bildirdilər. Sad ibn Muaz da onlar barədə döyüş qabiliyyətli kişilərinin öldürülməsi, qadın və uşaqlarının isə əsir alınması hökmünü verdi. əl-Buxari bu hadisəni belə rəvayət etmişdir: “Qureyzəlilər (məğlub olduqdan sonra) Sad ibn Muazın (onlara dair) qərar verməyinə razılaşdılar. Onda Peyğəmbər ﷺ Sadın yanına adam göndərdi və Sad uzunqulağına minib (onun yanına) gəldi. Sad məscidə yaxınlaşdıqda, Peyğəmbər ﷺ ənsarlara dedi: “Qalxın böyüyünüzü (və ya ən xeyirlinizi qarşılayın)!” Sonra Peyğəmbər ﷺ Sada dedi: “Bunlar sənin (onlara dair) qərar verməyinə razıdırlar”. Sad dedi: “Onların döyüşçülərini edam edin, qadınlarını və uşaqlarını isə əsir götürün!” Peyğəmbər ﷺ buyurdu: “Sən Allahın hökmü ilə hökm verdin (və ya əl-Malikin hökmü ilə hökm verdin)!” (əl-Buxari, 3520, 3804, 3812, 4121).
Uca Allah buyurur: “Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın”. Səid ibn Cubeyr bu ayəni təfsir edərək demişdir: “Yəni əgər onların dinlərində möhkəm olduqlarını, mallarını isə qoruduqlarını görsəniz, mallarını özlərinə qaytarın”. İbn Abbas, əl-Həsən əl-Bəsri və bir çox təfsir alimlərindən də belə rəvayət edilmişdir. Fiqh alimləri demişlər: “Yetim uşaq həddi-büluğa çatdıqda dininə bağlı və malına sahib çıxmağa qadir olarsa, artıq malından istifadə etmək qadağası üzərindən götürülür və himayədarı onun üçün saxladığı malını ona təhvil verir”. (Buradan aydın olur ki, yetimin malının özünə qaytarılması üçün tək həddi-büluğa çatması kifayət etmir, bundan əlavə onun dinində möhkəm və malını qorumaq qabiliyyətinin olması da şərtdir).
Uca Allah buyurur: “Böyüyüb mallarını geri alacaqlar deyə, o malları israfçılıqla, tələm-tələsik yeməyin”. Bu ayədə Uca Allah yetimlərin mallarını onlar həddi-büluğa çatmadan öncə zəruri bir ehtiyac olmadan israf edərək və tələm-tələsik yeməyi qadağan edir.
Sonra Uca Allah buyurur: “Varlı olan qəyyum nəfsini saxlasın, ...”, yəni yetimin malına ehtiyacı olmayan kəs iffətli davranıb ondan heç bir şey yeməsin, “yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin”. əl-Buxari rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bu ayə kasıb olduğu təqdirdə yetimi himayə edən kəsin çəkdiyi əziyyətin müqabilində onun malından ehtiyacı olduğu qədər istifadə edə biləcəyini bəyan etmək üçün nazil olmuşdur”. (əl-Buxari (8/181 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 2060, 2212).
İmam Əhməd Amr ibn Şueybdən, o da atasından, o da Şueybin babasından rəvayət etmişdir ki, bir nəfər Peyğəmbərdən ﷺ “Mənim malım yoxdur, lakin himayəmdə bir yetim var. Mən nə edim?” deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Himayəndəki yetimin malından israf etmədən, dağıtmadan, ondan sərmayə kimi istifadə etmədən, öz malını qorumaq üçün istifadə etmədən və ya öz malını saxlayıb onun malını sərf etmədən ye!” (“əl-Musnəd” (7022). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 7022. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir). Oxşar hədisi İbn Əbu Hatim, Əbu Davud, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. İbn Hibban “Səhih” əsərində və İbn Mərdəveyh Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bir kişi Peyğəmbərdən ﷺ “Ey Allahın Elçisi, yetimi hansı hallarda döyə bilərəm?” deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Öz övladını nə səbəblə döyürsənsə, yetimi də o səbəblə döyə bilərsən. Yetimin malından öz malını qorumaq üçün və sərmayə kimi istifadə etmə!” (Səid ibn Mənsur ”əs-Sunən” 572; ət-Tabərani “Mucəmus-Sağir” 244; İbn Hibban, 4230, 4244. Hədis həsəndir. Bax: Ravdun-Nadir, 249).
Uca Allah buyurur: “Yetimlərin mallarını özlərinə qaytardığınız zaman...”, yəni onlar həddi-büluğa çatdıqdan sonra onların tədbirli olduğunu görsəniz, bu zaman mallarını onlara qaytarın. Mallarını onlara qaytardıqda “yanlarında şahid tutun”. Bu, Uca Allahın yetim himayədarlarına əmridir. Yetimlər həddi-büluğa çatdıqda himayədarlar mallarını onlara qaytararkən sonradan yetimin malı aldığını inkar etməməsi üçün yanlarında şahid tutsunlar.
Uca Allah buyurur: “Haqq-hesab çəkməyə Allah yetər”, yəni yetimlərə baxarkən və mallarını onlara qaytararkən himayədarları haqq-hesaba çəkməyə, onlara nəzarət etməyə və etdiklərinə şahid olmağa Allah yetər. Qaytardıqları mallar tam olaraq qaytarıldımı, yoxsa naqis olub azaldılmış şəkildə, aldadaraq hesabı bir-birinə qatmaqlamı oldu? Bunların hamısını Uca Allah bilir. Bu səbəbdən Muslimin “Səhih” əsərində rəvayət olunan bir hədisdə Peyğəmbər ﷺ Əbu Zərə (Allah ondan razı olsun) demişdir: “Ey Əbu Zər, mən səni (zahid olduğun üçün dünya işlərində) zəif görürəm və özüm üçün istədiyim xeyri sənə də istəyirəm. Odur ki iki nəfərə də olsa belə, əmirlik etməkdən və yetimin malına vəli olmaqdan çəkin!” (Muslim (2/81). (Əhməd Şakir). Muslim, 3405, 3824).
 
ən-Nisa, 7-10
لِلرِّجَالِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَفْرُوضًا * وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُمْ مِنْهُ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا * وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللَّهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا * إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا
7. Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay vardır; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu malın istər azından, istər çoxundan müəyyən bir pay ayrılmışdır.
8. Əgər bölgü vaxtı orada mirasdan payı olmayan qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da o maldan bir şey verin, özlərinə də xoş söz deyin.
9. Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər qoy yetimlərə haqsızlıq etməkdən qorxsunlar, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər.
10. Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər.

 
Səid ibn Cubeyr və Qatədə demişlər: “Müşriklər mirası yalnız kişilərə qoyurdular, qadınlara və uşaqlara isə miras olaraq heç bir şey vermirdilər. Bu səbəbdən Uca Allah “Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay vardır; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu malın istər azından, istər çoxundan müəyyən bir pay ayrılmışdır” ayəsini nazil etdi. Yəni Allahın hökmü qarşısında hamı bərabərdir. Ölən insana olan yaxınlığından asılı olaraq Uca Allahın qohumlara, həyat yoldaşına və ya (əvvəl qul olmuşsa) onu azad edənə (Şəriətdə əvvəl qul olub sonra azad edilən bir insanın onu azad edən kəslə (istər qadın olsun, istərsə də kişi) aralarında olan bağlılığa “əl-Vələ” deyilir. əl-Vələ sözünün ərəbcə hərfi mənası “yaxınlıq” deməkdir. Qulu azad edən kəs onu bir şəxsiyyət kimi həyata qaytardığına görə azad edilənə qohum kimi yaxın olur. Peyğəmbər ﷺ demişdir: “Kölənin azad olunması ilə yaranan bağlılıq nəsil-nəcabət bağlılığı kimidir” (əl-Buxari, 2390, 2578; Muslim, 1504, 2769, 3849). Şəriətə görə, azad olunmuş kəsin yaxın qohumları yoxdursa, öldükdən sonra varisi onu azad edən kəs olur və bu halda o, ölənin uzaq qohumlarından mirasa daha haqlı sayılır) müəyyən etdiyi miras payı fərqli olsa da, varis olma mövzusunda hamısı bərabərdir. Bir insanı azad edən kəs də nəsildən olan qohum kimidir.
Uca Allah buyurur: “Əgər bölgü vaxtı orada mirasdan payı olmayan qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da o maldan bir şey verin, özlərinə də xoş söz deyin”. Bəzi alimlər ayənin mənasının belə olduğunu demişlər: “Yəni varis olmayan qohumlar, yetimlər və kasıblar miras bölünən vaxt orada olarlarsa, onlara da həmin mirasdan pay ayrılsın”. Bu əməl İslamın əvvəlində vacib idi. Lakin müstəhəb olduğunu deyənlər də var. Bu ayənin hökmünün ləğv olunub-olunmaması məsələsində alimlər arasında iki rəy var: əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) “Bu ayə muhkəmdir və hökmü ləğv olunmamışdır” dediyini rəvayət etmişdir. (əl-Buxari, 4210, 4576). İbn Cərir də oxşar sözü İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Mucahid isə demişdir: “Bu ayə varislərə, miras bölgüsü vaxtı orada iştirak edənlərə könül xoşluğu ilə bir şey verməyi vacib edir”. Abdullah ibn Məsud, Əbu Musa və başqalarından da belə rəvayət edilmişdir.
Bəzi alimlərin rəyinə görə, bu ayə mirasdan payı olmayanlara (qohumlara, yetimlərə və kasıblara) mirasdan pay verilməsinin vəsiyyət edilməsini əmr edir. Abdur-Razzəq rəvayət etmişdir ki, Abdur-Rahmən ibn Əbu Bəkrin oğlu Abdullah atası Abdur-Rahmənin mirasını bölüşdürdü. O vaxt Aişə (Allah ondan razı olsun) hələ həyatda idi. Abdullah atasının malından evdə olan bütün qohum və kasıblara verdi. Sonra Uca Allahın “Əgər bölgü vaxtı orada mirasdan payı olmayan qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da o maldan bir şey verin, özlərinə də xoş söz deyin” ayəsini oxudu. əl-Qasim dedi: “Mən bu barədə İbn Abbasa xəbər verdim və o “Doğru etməmişdir, buna onun haqqı çatmırdı. Bu ayə vəsiyyət haqqındadır”. Yəni əgər ölən adam istəsə, onlara malından verilməsini vəsiyyət edər. (Bu rəvayət Abdur-Razzəqin təfsirində yer almışdır (səh. 38). İbn Kəsir burada İbn Əbu Hatimin Abdur-Razzəqdən olan rəvayətini qeyd etmişdir. Oxşar hədisi ət-Tabəri də rəvayət etmişdir (8681). (Əhməd Şakir). İbn Əbu Hatim, 4863; əl-Beyhəqi “Sunənul-Kubra” 12338, 12934).
Bəzi alimlər isə bu ayənin hökmünün tamamilə ləğv olduğunu demişlər. İbn Mərdəveyh İbn Abbasın (Allah ondan razı olsun) bu ayə barədə belə dediyini rəvayət etmişdir: “Bu ayənin hökmü miras bölgüsü barədə ayə nazil olmamışdan əvvəl idi. Allah bundan sonra miras bölgüsünü bəyan edən ayəni nazil etdi və hər haqq sahibinə öz haqqını verdi. Ölən adamın haqq sahiblərindən başqa, adını çəkdiyi insanlara sədəqə verilir”. (İbn Əbu Hatim, 4850; ət-Tabəri, 8679, 8738). İbn Əbu Hatim də oxşar hədisi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin Səid ibn əl-Museyyibin belə dediyini rəvayət etmişdir: “Bu ayə mənsuxdur. Bu ayənin hökmü miras ayəsi nazil olmamışdan əvvəl tətbiq olunurdu. Kişinin öldükdən sonra qoyub getdiyi malı bölüşdürülərkən orada iştirak edən yetimlərə, kasıblara və qohumlara da bu maldan verilərdi. Sonra miras ayəsi bu hökmü ləğv etdi. Uca Allah miras ayəsi nazil etməklə hər haqq sahibini öz haqqına qovuşdurdu. Lakin ölən adam malından qohumlarından istədiyinə vəsiyyət edə bilər”. (İbn Əbu Hatim, 4865).
İkrimə, Əbuş-Şəsə, əl-Qasim ibn Muhəmməd və başqalarından bu ayənin hökmünün ləğv olunduğu rəvayət edilmişdir. Bu, əksər fəqihlərin – dörd məzhəb imamların və onların davamçılarının rəyidir.
Xülasə olaraq ayənin mənası belədir: Əgər qohumlardan varis olmayan kasıblar, yetimlər və yoxsullar çox miqdarda malın bölgüsündə iştirak etsələr, onların da ürəklərindən bu maldan bir pay keçər. Onlar hərənin bir pay götürdüyünü gördükdə onlara heç bir şey verilməyəcəyini bildikləri üçün ümidsiz olarlar. Bu səbəbdən Şəfqətli və Rəhmli Allah yaxşılıq, sədəqə və lütfkarlıq olaraq onlara da orta səviyyəli bir şeyin verilməsini əmr etmişdir. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin” (“əl-Ənam”, 141). Həmçinin Uca Allah ehtiyac içində olanların və yoxsulların görməsindən qorxaraq malı gizlicə bir yerdən başqa bir yerə daşıyanları məzəmmət etmişdir. Necə ki bağ sahibləri barədə xəbər verərkən belə buyurur: “Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi, onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər). Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü. Bağ yanıb zülmət gecə kimi qapqara oldu. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!” Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” (“əl-Qələm”, 17-24). Uca Allah onları yerlə yeksan etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. Kim Allahın ona vacib etdiyi haqqı inkar edərsə, Allah onu sahib olduğu ən qiymətli mal ilə cəzalandırar. Bir hədisdə belə buyurulmuşdur: “Bir mala sədəqə qarışarsa (sədəqə olaraq verilməsi lazım olan hissə verilməzsə və mala qarışarsa), o malı məhv edər”. (Hədisi əl-Buxari “ət-Tarixul-Kəbir” əsərində (1/1/180) Muhəmməd ibn Osman ibn Safvən əl-Cunəhinin tərcümeyi-halında qeyd etmişdir. Hədisin isnadı səhihdir, lakin orada “onu həlak edər” cümləsi işlənmişdir. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 7455, 7916, “Şuabul-İman” 3246. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 5069). Yəni bir malın sədəqəsinin verilməməsi o malın tamamilə məhv olmasına səbəb olar.
Uca Allah buyurur: “Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər qoy yetimlərə haqsızlıq etməkdən qorxsunlar, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər”. İbn Abbas (Allah ondan razı olsun) bu ayə barəsində demişdir: “Bir kişi ölüm ayağında olarkən varislərinə zərər verəcək bir vəsiyyət edər və onun yanında olan başqa bir kişi bu vəsiyyəti eşidər. Uca Allah bu ayə ilə vəsiyyəti eşidən adamın Allahdan qorxmasını, ölüm ayağında olanın doğru qərar verməsinə vəsilə olub onu doğru olana yönəltməsini əmr etmişdir. Öz varislərinin tələf olmasından qorxduğu kimi, onun varislərinin tələf olmasından da qorxmalıdır və bu vəziyyətdə özü nə edərdisə, ona da bu yolu göstərməlidir”. Mucahid və bir çoxları da belə söyləmişlər.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan hədisdə deyilir ki, bir dəfə Peyğəmbər ﷺ Sad ibn Əbu Vaqqas (Allah ondan razı olsun) xəstə ikən onu ziyarət etməyə getdi. Onun yanına gəldikdə Sad “Ey Allahın Elçisi, mən var-dövlət sahibiyəm, qızımdan başqa da bir varisim yoxdur. Malımın üçdə ikisini sədəqə verə bilərəmmi?” dedi. Peyğəmbər ﷺ “Xeyr!” deyə cavab verdi. Sad dedi “Yarısını (verə bilərəmmi)?” Peyğəmbər ﷺ “Xeyr” deyə cavab verdi. Sad dedi: “Üçdə birini necə, verə bilərəmmi?” Peyğəmbər ﷺ “Üçdə birini verə bilərsən, əslində, üçdə biri də çoxdur”. Sonra Peyğəmbər ﷺ dedi: “Şübhəsiz ki, sənin üçün varislərini zəngin qoyub getməyin onları kasıb və dilənçi vəziyyətdə qoyub getməyindən daha xeyirlidir”. (əl-Buxari, 2742, 2537, 4409; Muslim, 3076, 4296). “Səhih” əsərində rəvayət olunur ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Kaş ki insanlar vəsiyyət edərkən üçdə birdən dörddə birə enmiş olsaydılar. Çünki Peyğəmbər ﷺ “Üçdə birini verə bilərsən, əslində, üçdə biri də çoxdur” buyurmuşdur”. (Muslim, 3080, 4305).
Bəzi alimlər Uca Allahın “Allahdan çəkinsinlər” ayəsi barəsində demişlər: “Yəni yetimlərin mallarına toxunmaq məsələsində Allahdan çəkinsinlər. Böyüyüb mallarını geri alacaqlar deyə, o malları israfçılıqla, tələm-tələsik yeməsinlər”. Bu şərhi İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) nəql etmişdir və bu, yaxşı təfsirdir. Növbəti ayədə yetimlərin malını haqsızlıqla yemək barədə varid olan təhdid bu təfsiri qüvvətləndirir. Ayənin mənası belədir: Özündən sonrakı nəslinlə necə davranılmasını istəyirsənsə, sən də işləri sənə həvalə edilən insanların nəsilləri ilə eyni şəkildə davran. Sonra Uca Allah yetimin malını haqsızlıqla yeyənin qarnına ancaq od doldurduğunu bildirərək buyurur: “Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər”, yəni yetimlərin mallarını səbəbsiz yerə yeyənlər ancaq qarınlarına Qiyamət günü alovlanacaq bir od doldurmuş olurlar. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Həlakedici yeddi günahdan çəkinin!” Səhabələr soruşdular: “Nədir onlar, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək”. (əl-Buxari, 2560, 2766, 6351, 6857; Muslim, 129, 272).
İbn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İki gücsüzün – qadınlar və yetimlərin malını (haqsız) yeməyi sizə haram edirəm”. (Hədisin isnadı səhihdir. Hədisi başqa mənbələrdə tapa bilmədim. (Əhməd Şakir). əl-Hakim, 7167; İbn Hibban, 5565. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir). Yəni sizə onların malını yeməkdən çəkinməyi tövsiyə edirəm.
“əl-Bəqərə” surəsinin təfsirində keçdiyi kimi, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Elə ki Uca Allah “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər” ayəsini nazil etdi, himayəsində yetim olanlar yetimin yeməyini öz yeməyindən, içkisini də öz içkisindən ayırdılar. Onlar yetimin yeməyini o yeyincəyə, ya da korlanıncaya qədər ayırıb saxlayırdılar. Bu onlara çətin gəldi, ona görə bunu Peyğəmbərə ﷺ xəbər verdilər. Uca Allah bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. (“əl-Bəqərə”, 220). Bundan sonra yeməklərini (yetimin) yeməyinə, içkilərini isə içkisinə qatdılar”. (Bu rəvayət əl-Bəqərə surəsinin 219-220-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir).
 
ən-Nisa, 11
يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ فَإِنْ كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِنْ كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِنْ كَانَ لَهُ وَلَدٌ فَإِنْ لَمْ يَكُنْ لَهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ فَإِنْ كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا فَرِيضَةً مِنَ اللَّهِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
11. Allah sizə övladlarınız haqqında kişiyə iki qadının payı qədər pay verilməsini buyurur. Əgər övladlar ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Ölənin övladı olduğu təqdirdə onun valideynlərindən hər birinə qoyub getdiyi malın altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasın altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz. Bunlar Allah tərəfindən fərz buyurulmuş paylardır. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.

 
Bu və bundan sonrakı ayə ilə bu surənin son ayəsi “əl-Fəraid” ("əl-Fəraid" sözünün ərəbcə lüğəti mənası “miqdar”, “pay” deməkdir. Şəriət terminologiyasında isə "əl-Fəraid" varis üçün təyin olunmuş miras payı deməkdir). elminə dair ayələrdir.
“əl-Fəraid” elmi bu üç ayədən və bu ayələri təfsir edən hədislərdən götürülmüşdür. Bu ayələri təfsir edən bəzi hədisləri qeyd edək. Bu məsələlərin izahı, alimlərin ixtilafları, dəlilləri və məzhəb imamları arasındakı münaqişələr fiqh elmi ilə əlaqəli kitablardadır. Bütün işlərdə yalnız Allahdan kömək istənilir.
“əl-Fəraid” elmini öyrənməyə rəğbətləndirən bəzi hədislər varid olmuşdur. Əbu Davud və İbn Məcə Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Əsas üç elm var. Digərləri isə əlavə elmlərdir. Əsas elmlər bunlardır: mənası aydın olan ayə, səhih hədis və ədalətli miras bölgüsüdür”. (Əbu Davud  (2885), İbn Məcə (54), əl-Hakim (4/332). əl-Hakim hədis barədə fikrini bildirməmişdir. əz-Zəhəbi hədisin zəif olduğunu bildirmişdir. Mənə görə isə hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 2885, 2887; İbn Məcə, 54; əl-Hakim, 7949. Hədis zəifdir. Bax: Daif əl-Cami, 3871; Mişkətul-Məsabih, 239). əl-Buxari Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən Bənu Sələmə qəbiləsində olarkən xəstələnmişdim. Peyğəmbər və Əbu Bəkr piyada mənə baş çəkməyə gəlmişdilər. Peyğəmbər ﷺ mənim xəstəlikdən halsız olduğumu gördü və su gətirilməsini istədi. Sonra dəstəmaz alıb qabda qalmış sudan mənim üzümə səpdi. Mən özümə gəldikdə “Malımı necə bölüşdürüm, ey Allahın Elçisi?” deyə soruşdum və bu səbəbdən “Allah sizə övladlarınız haqqında kişiyə iki qadının payı qədər pay verilməsini buyurur...” ayəsi nazil oldu”. (əl-Buxari, 4211, 4577). Hədisi İmam Əhməd ilə birlikdə altı kitab müəllifləri (Altı kitab müəllifləri dedikdə əl-Buxari, Muslim, Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə nəzərdə tutulur. Altı kitab müəllifləri və İmam Əhmədin birlikdə rəvayət etdikləri hədisi hədis terminalogiyasında “Camaat rəvayət etmişdir” kimi ifadə edirlər). rəvayət etmişlər. (əl-Buxari (8/128 Fəthul-Bari), ət-Tabəri (8730, 8731). (Əhməd Şakir). 
İmam Əhməd rəvayət etmişdir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Sad ibn ər-Rabinin zövcəsi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, bu ikisi Sad ibn ər-Rabinin qızlarıdır. Ataları Uhud döyüşündə sizinlə birlikdə döyüşərkən şəhid oldu. Əmiləri onların mallarını götürmüş və onlara heç bir şey saxlamamışlar. Onlar yalnız malları olduğu təqdirdə ərə gedə bilərlər”. Peyğəmbər ﷺ dedi: “Allah bu məsələ barədə hökm verəcəkdir”. Cabir hədisin davamında demişdir: “Miras ayəsi nazil oldu və Peyğəmbər ﷺ qızların əmisinə xəbər göndərib “Malın üçdə ikisini Sadın iki qızına, səkkizdə birini analarına ver. Qalanı isə sənindir” dedi”. Hədisi Əbu Davud, ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. (“Musnəd” (14854). əl-Hafiz İbn Həcər hədisi “Fəthul-Bari” əsərində qeyd etmiş və əl-Hakimin səhih saydığını demişdir (8/183). (Əhməd Şakir). Əhməd, 14798, 14840; İbn Məcə, 2720; ət-Tirmizi, 2092, 2236. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 1677).
Görünən budur ki, Cabirdən (Allah ondan razı olsun) rəvayət olunan birinci hədis bu surənin son ayəsinin nazilolma səbəbidir. Bu barədə ətraflı daha sonra məlumat veriləcək, çünki o vaxt onun yalnız bacıları var idi, qızları isə yox idi. Cabirin valideyni və övladları olmadığı üçün bacılarına mirasdan pay düşmüşdür. Cabirdən rəvayət olunan birinci hədis əl-Buxaridə rəvayət olunduğuna görə burada qeyd etdik. Çünki əl-Buxari bu hədisi bu ayənin təfsirində qeyd etmişdir. Bu ayənin nazilolmasına səbəb kimi Cabirdən (Allah ondan razı olsun) rəvayət olunan ikinci hədis daha uyğundur. (Rəvayətləri cəm etdikdən sonra bu məna başa düşülür və doğru olan da budur. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində bu rəvayətləri cəm etməyə çalışmışdır. (Əhməd Şakir). Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allah sizə övladlarınız haqqında kişiyə iki qadının payı qədər pay verilməsini buyurur”, yəni Allah sizə övladlarınızla ədalətli davranmağı əmr edir, çünki cahiliyyə dövründə mirasın hamısını kişilərə verərdilər, qadınlara isə heç bir şey verməzdilər. Uca Allah mirasda haqları olma baxımından, onlar arasında bərabərliyi əmr etmiş, lakin iki sinif (kişilər və qadınlar) arasında fərq qoyaraq kişiyə qadına düşən payın iki mislinin verilməsini buyurmuşdur. Çünki kişi ailəsini maddi cəhətdən təmin etmək və cavabdehlik vəzifəsi daşıdığına görə mala daha çox ehtiyac duyur. Bunun üçün kişi ticarətlə məşğul olmalı, işləməli və hər cür zəhmətə qatlaşmalı olur. Bu səbəbdən qadının aldığının iki mislinin ona verilməsi münasibdir.
Bəzi alimlər Uca Allahın “Allah sizə övladlarınız haqqında, kişiyə iki qadının payı qədər pay verilməsini buyurur” ayəsindən bu nəticəni çıxarmışlar: “Uca Allahın Öz qullarına olan mərhəməti bir atanın övladına olan mərhəmətindən qat-qat üstündür. Belə ki ana-ataya övladları barədə tövsiyə edir. Buradan məlum olur ki, Allah Öz qullarına onların özlərindən daha mərhəmətlidir. Necə ki səhih bir hədisdə varid olmuşdur ki, bir dəfə Peyğəmbər ﷺ əsir götürülmüş qadınlardan birinin uşağını axtardığını gördü. Qadın uşağını tapdıqda onu bağrına basdı və əmizdirdi. Onda Peyğəmbər ﷺ səhabələrindən soruşdu: “Sizcə, bu qadın, ixtiyar onun əlində olsa, körpəsini oda atarmı?” Səhabələr “Xeyr, atmaz, ey Allahın Elçisi” deyə cavab verdilər. Peyğəmbər ﷺ dedi: “Allaha and olsun ki, Allahın Öz qullarına olan mərhəməti bu qadının körpəsinə olan mərhəmətindən qat-qat üstündür”. (Hədis mənaca əl-Buxarinin və Muslimin “Səhih” əsərlərində Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət olunur. əl-Bəqərə surəsinin 142-144-cü ayələrinin təfsirində hədisin mənbələrini bildirmişik. (Əhməd Şakir). əl-Buxari, 5540, 5999. Muslim, 4947, 7154). əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Əvvəllər miras uşaqlara qalardı, ana-ataya isə vəsiyyət olunardı. Allah bunlardan istədiyinin hökmünü qaldırdı və kişiyə iki qadının payı qədər pay verilməsini, ana-atanın hər birinə mirasın altıda bir və üçdə birinin verilməsini, qadına səkkizdə bir və dörddə birinin verilməsini, ərə isə yarsının və dörddə birinin verilməsini buyurdu”. (əl-Buxari (5/278-279, 12/19 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 2542, 2747, 6739).
Uca Allah buyurur: “Əgər övladlar ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır”. Bəzi alimlər ayədəki “artıq” sözünün əlavə bir söz kimi işləndiyini demişlər. Bu təqdirdə ayənin mənası belədir: “Əgər övladlar iki bacıdan ibarətdirsə, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır”. Necə ki eyni söz başqa bir ayədə də əlavə söz kimi işlənmişdir: “Onların boyunlarını vurun...” (“əl-Ənfal”, 12). Lakin bu fikir doğru deyil və “artıq” sözünün nə bu ayədə, nə də digər ayədə əlavə söz kimi işlənməsi mümkün deyil. Çünki Quranda faydasız yerə işlənən əlavə söz yoxdur və bu mümkünsüzdür. Həmçinin əgər Uca Allahın “vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır” sözünün mənası onların dediyi kimi olsaydı, o zaman Uca Allah “malın üçdə iki hissəsi onların ikisinə çatır” deyərdi. İki qıza mirasın üçdə iki hissəsinin verilməsi hökmü surənin sonuncu ayəsində iki bacıya mirasın üçdə iki hissəsinin verilməsindən götürülür. Uca Allah “ən-Nisa” surəsinin son ayəsində iki bacıya mirasın üçdə iki hissəsinin çatmasını əmr etmişdir. Əgər iki bacı mirasın üçdə iki hissəsinə sahib olursa, o zaman iki qızın mirasın üçdə iki hissəsinə sahib olmağa daha çox haqları çatır. Necə ki daha əvvəl keçən Cabirin (Allah ondan razı olsun) hədisində Peyğəmbər ﷺ Sad ibn ər-Rabinin iki qızına mirasın üçdə iki hissəsinin verilməsini əmr etmişdi. Qurani-Kərim və hədislər buna dəlalət edir. Həmçinin Uca Allah “Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır” buyurur. Əgər iki qıza da mirasın yarısı çatsaydı, Uca Allah bunu bildirərdi. Uca Allahın tək qıza mirasın yarısının verilməsini hökm etməsi, iki qızın payının da üç qızın payı ilə eyni olmasına dəlalət edir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Ölənin övladı olduğu təqdirdə onun valideynlərindən hər birinə, qoyub getdiyi malın altıda bir hissəsi çatır”. Vəziyyətdən asılı olaraq valideynlərin miras payı belədir:
Birinci hal: Əgər ölənin valideynləri ilə birlikdə övladları da varsa, bu halda valideynlərin hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər ölənin yalnız bir qızı varsa, malın yarısı qızındır. Valideynlərin hər birinə isə malın altıda bir hissəsi düşür. Yerdə qalan hissəni isə ölənin kişi qohumu olduğuna görə ata götürür. Beləliklə, ata bu halda həm ona düşən əsas payı, həm də ölənin ən yaxın kişi qohumu (əl-asabə) (Lüğəvi mənada “əl-asəbə” insanın oğulları və ata tərəfindən olan qohumlarına deyilir. Miras elmində isə “əl-asəbə” dedikdə payı müəyyən edilmiş insanların öz paylarını götürdükdən sonra artıq qalan malı götürən varislər deməkdir). olduğuna görə artıq qalmış payı götürmüş olur. (İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Miras paylarını sahiblərinə verin. Yerdə qalanı isə (ata tərəfdən) ən yaxın olan kişiyə verilir”. (əl-Buxari, 6235, 6732).
İkinci hal: Əgər ölənin valideynlərindən başqa varisi olmazsa, bu halda anaya mirasın üçdə biri, qalanı isə ölənin ən yaxın kişi qohumu (əl-asabə) kimi ataya çatır. Beləliklə, ata, anaya çatan payın iki mislini – mirasın üçdə iki hissəsini götürmüş olur. Əgər valideynlərlə birlikdə ölənin (qadın olduqda) əri və ya (kişi olduqda) arvadı varis olarsa, ərə mirasın yarısı, arvada isə dörddə biri düşür. Ər və arvad hissələrini götürdükdən sonra, anaya düşən payın miqdarında alimlər ixtilaf etmişlər və bu məsələdə üç rəy irəli sürmüşlər:
۞          Birinci rəy: Ana hər iki halda mirasdan qalan hissənin üçdə birini götürür, çünki qalan hissə ana-ataya görə mirasın hamısı sayılır. Uca Allah anaya, ataya düşən payın yarısını vermişdir. Bu səbəbdən ana qalan hissənin üçdə birini, ata isə üçdə ikisini götürür. Bu, Ömər və Osmanın rəyidir, habelə Əlidən (Allah onlardan razı olsun) nəql edilən iki rəvayətin ən səhih olanıdır. Abdullah ibn Məsud və Zeyd ibn Sabit (Allah onlardan razı olsun) də bunu demişlər. Bu həmçinin yeddi fiqh alimlərinin (Yeddi fiqh alimləri dedikdə tabiinlərin dövründə eyni vaxtda Mədinədə yaşayan yeddi fiqh alimləri nəzərdə tutulur. Bunlar: Səid ibn əl-Museyyib, Urvə ibn əz-Zubeyr, əl-Qasim ibn Muhəmməd ibn Əbu Bəkr əs-Siddiq, Ubeydullah ibn Utbə ibn Məsud, Xaricə ibn Zeyd ibn Sabit, Suleyman ibn Yəsərdir. Yeddincinin kimliyində fikir ayrılığı var. Əksər alimlərə görə, yeddinci Əbu Sələmə ibn Abdur-Rahmən ibn Əufdur. Lakin Səlim ibn Abdullah ibn Ömər ibn əl-Xattab, Əbu Bəkr ibn Abdur-Rahmən ibn əl-Həris ibn Hişam əl-Məxzuminin olduqları da deyilmişdir)., dörd məzhəb imamlarının və əksər alimlərin rəyidir.
۞          İkinci rəy: Uca Allahın “Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür” ayəsinin hökmü ümumi olduğuna görə ana bütün malın üçdə birini götürür. Çünki ayənin mənası daha ümumidir, ana ilə birlikdə ər və ya arvadın varis olub-olmamasına dəlalət etmir. Bu, İbn Abbasın rəyidir. Buna oxşar rəy Əli və Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) də rəvayət edilmişdir. Şureyh və Davud ibn Əli əz-Zahiri bu rəylə fətva vermişlər. Əbul-Hüseyn Muhəmməd ibn Abdullah ibn əl-Ləbbən əl-Bəsri özünün “əl-İcaz fi ilmil-Fəraid” adlı əsərində bu fikri seçmişdir, lakin bu rəy şübhəlidir, hətta zəifdir. Çünki ayənin zahirindən görünən budur ki, bu ayə mirasın hamısı valideynlərə qaldığı hala aiddir. Bu məsələdə ər və ya arvad mirasdan ona düşən payı alır, yerdə qalan hissə isə sanki mirasın hamısıdır və əvvəl keçdiyi kimi ana bunun üçdə birini götürür.
۞          Üçüncü rəy: Ana vəfat edənin arvadı ilə birlikdə varis olarsa, bütün malın üçdə birini götürür. Arvad isə mirasın dörddə birini götürür. Əgər bütün mirası on iki hissəyə ayırsaq, arvad dörddə birini götürməklə mirasın on ikidə üç hissəsini, ana üçdə birini almaqla on ikidə dörd hissəsini götürmüş olur. Yerdə qalan beş hissə isə ataya qalır. Valideynlər vəfat edənin (qadın olarsa) əri ilə birlikdə varis olarsa, ana (ər öz payını götürdükdən sonra) yerdə qalanın üçdə birini götürür. Çünki əgər bütün malın üçdə birini götürsə, atadan daha çox almış olur. Bu halda miras altı hissəyə bölünür, yarısı, yəni üç hissəsi ərə, yerdə qalanın üçdə biri, yəni bir hissəsi anaya, bundan sonra qalan, yəni iki hissə ataya verilir. Bu rəy Muhəmməd ibn Sirindən nəql edilir. Bu rəy ilk iki rəyi özündə birləşdirir və onların hər birinə bir şəkildə uyğun gəlir. Lakin bu rəy də zəifdir. Doğru olan birinci rəydir. Ən doğrusunu isə Allah bilir.
Üçüncü hal: Valideynlərin ölənin qardaşları ilə birlikdə varis olmasıdır. Fərq etməz, istər doğma qardaşları olsun, istər atabir, istərsə də anabir qardaşları olsun. Ölənin atası olduğu təqdirdə qardaşlar mirasdan heç bir şey almırlar. Lakin onlar ananın payını üçdə birdən altıda birə endirirlər. Ölənin qardaşları varsa anaya mirasın altıda biri verilir. Ana və atadan başqa varis yoxdursa, ata mirasın qalanını da götürür. Əvvəl qeyd etdiyimiz kimi, əksər alimlərin rəyinə görə, iki qardaş ikidən çox qardaşlarla eyni hökmdədirlər.
Uca Allah buyurur: “Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasın altıda bir hissəsi düşür”. Qardaşlar ananın mirasını üçdə birdən altıda birə endirməklə ona zərər verirlər və özləri də varis ola bilmirlər. Bir qardaşın olması ananın üçdə birə sahib olmasına mane olmur, birdən çox olmaları isə mane olur. Alimlərin rəyinə görə, qardaşların analarını mirasın üçdə birindən məhrum etmələrinə səbəb onları evləndirmək və maddi cəhətdən təmin etmək vəzifəsinin ananın deyil, atanın üzərinə düşməsidir. Bu gözəl izahdır, lakin İbn Abbasdan (Allah ondan razı olsun) səhih isnadla rəvayət edilmişdir ki, qardaşlar ananın almasına mane olduqları altıda biri özləri götürürlər. Bu müxalif bir görüşdür. Bu rəyi İbn Cərir təfsirində rəvayət etmiş və demişdir: “Bu görüş ümmətin alimlərinin rəylərinə müxalifdir”.
Uca Allah buyurur: “Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır”. Sələf və xələf alimləri borcun vəsiyyətdən əvvəl olmasında yekdil rəydədirlər. Ayənin mənasına diqqətlə nəzər yetirdikdə bunu rahatlıqla başa düşmək olur. İmam Əhməd, ət-Tirmizi, İbn Məcə və təfsir kitablarının müəllifləri rəvayət etmişlər ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) belə demişdir: “Siz Uca Allahın “Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır” ayəsini oxuyursunuz. Peyğəmbər ﷺ vəsiyyətdən əvvəl borcu ödəyərdi. Doğma övladlarla, atabir ana ayrı övladlar birlikdə varis olduqda miras doğma övladlara çatır. Həmçinin kişi atabir qardaşının deyil, doğma qardaşının varisi olur”. ət-Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: “Bu hədis yalnız əl-Həris əl-Əvərin rəvayəti ilə gəlib çatmışdır. Bəzi hədis alimləri onun haqqında mənfi fikirdədirlər. Lakin mən deyərdim ki, o, “Fəraid” elmini yaxşı bilirdi və hesabla maraqlanardı. Ən doğrusunu isə Allah bilir”. (əl-Həris ibn Abdullah əl-Əvər tabiindir, lakin hədis rəvayətində zəif hesab olunur. Bax: “Musnəd” (595, 1091, 1221). (Əhməd Şakir). Əhməd, 1221; ət-Tirmizi, 2094, 2238; İbn Məcə, 2715. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 1688).
Uca Allah buyurur: “Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz”, yəni Biz valideynlərə və övladlara mirasdan pay ayırdıq. Cahiliyyə dövründən fərqli olaraq varisolma baxımından onları bərabər etdik. İslamın əvvəlində də vəziyyət belə deyildi. Mal övladlara çatırdı, valideynlərə isə vəsiyyət edilirdi. Necə ki daha əvvəl İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə bildirildi. Allah əvvəlki vəziyyəti ləğv edərək bu hökmü qoydu. Həm valideynlərə, həm oğullara, həm də digər qohumlara yaxınlıqlarına uyğun olaraq paylar ayırdı. Çünki insana dünya və ya Axirət mənfəəti, bəzən də hər ikisi birdən övladlarından deyil, valideynlərindən gələ bilər. Bəzən də bunun əksi ola bilər. Bu səbəbdən Uca Allah “Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz” buyurur. Yəni birindən mənfəət gözlənildiyi və ümid edildiyi kimi, digərindən də gözlənilə və ümid edilə bilər. Bu səbəbdən həm buna, həm də digərinə pay ayırdıq və varisolma baxımından hər iki qismi bərabər etdik. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Bunlar Allah tərəfindən fərz buyurulmuş paylardır”, yəni miras mövzusunda qeyd etdiyimiz təfsilatlı məlumat varislərdən bəzilərinə digərlərindən daha artıq pay verilməsi Allahın hökm edib buyurduğu fərzlərdir. Allah hər şeyi biləndir, hikmət sahibidir. Hər şeyi yerli-yerində qoyar və hər kəsə yaxınlığına görə layiq olduğunu verər. Bu səbəbdən ayənin sonunda “Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir” buyurur.
 
ən-Nisa, 12
وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ فَإِنْ كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ فَإِنْ كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِنْ كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ فَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ وَصِيَّةً مِنَ اللَّهِ وَاللَّهُ عَلِيمٌ حَلِيمٌ
12. Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. Vəfat etmiş kişinin və ya qadının atası və övladı olmadığı halda malı varislərə qalarsa və (eyni anadan) bir qardaşı, yaxud bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, hamısı mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, varislərə zərər yetirməmək şərtilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah hər şeyi biləndir, həlimdir.

 
Uca Allah bu ayədə kişilərə xitab edərək bildirir ki, övladı olmadan ölən zövcələrinizin qoyub getdikləri mirasın yarısı, övladları olduğu təqdirdə isə qoyub getdikləri mirasın dörddə biri sizindir. Bu bölgü onların vəsiyyəti yerinə yetirildikdən və borcları ödənildikdən sonra aparılır. Daha əvvəl qeyd olunduğu kimi, əvvəl borclar ödənilir, sonra vəsiyyət yerinə yetirilir, daha sonra isə miras bölüşdürülür. Bu, alimlər arasında ittifaq olunmuşdur. Oğulların oğulları, qohumluq təbəqəsi getdikcə aşağı enmiş olsa belə, oğullarla eyni hökmdədirlər.
Sonra Uca Allah buyurur: “Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır”. İstər dörddə bir payda, istərsə də səkkizdə bir payda zövcələrin sayı rol oynamır. Kişinin bir, iki, üç və ya dörd zövcəsi olsa belə, onların hamısı bu paya müştərək sahibdirlər. Uca Allahın “...vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra” sözü barədə artıq danışmışıq.
Uca Allah buyurur: “Vəfat etmiş kişinin və ya qadının atası və övladı olmadığı halda malı varislərə qalarsa...” Bu ayədə keçən كَلَالَة [kələ:lə] “atası və övladı olmayan” sözü إِكْلِيل [ikli:l] sözündən götürülüb. İklil başı hər tərəfdən əhatə edən taca və ya çələngə deyilir. Burada isə yaxın qohumları olmayan və varisi uzaq qohumları olan adam nəzərdə tutulur. Necə ki əş-Şabidən rəvayət olunur ki, Əbu Bəkr əs-Siddiqdən (Allah ondan razı olsun) “kələlə” barədə soruşduqda demişdir: “Bu barədə öz fikrimi söyləyəcəyəm. Əgər doğru olsa, Allahdan, səhv olsa, məndən və şeytandandır. Allah və Rəsulu ﷺ bundan uzaqdırlar. “Kələlə” övladları və atası olmadan ölən adamdır”. Ömər ibn əl-Xattab xəlifə olduqda ondan bu barədə soruşdular və o “Mən Əbu Bəkrin fikrinə müxalif olmaqdan utanıram” deyərək Əbu Bəkrin sözünü təsdiqlədi”. (əl-Beyhəqi “Sunənus-Suğra” 1756; Abdur-Razzaq “Musannəf” 19191). Bu hədisi İbn Cərir və başqaları rəvayət etmişlər.
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Ömər ibn əl-Xattabın yanına sonuncu girənlərdən biri idim və onun “Mən dediyim kimi deyilmi?” dediyini eşitdim. Mən soruşdum: “Nəyi nəzərdə tutursan?” O dedi: “Kələlə övladı və atası olmayan və o halda ölən adamdır”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. Bu əsəri ət-Tabəri təfsirində rəvayət etmişdir (8767), lakin sonunda “... və atası olmayan” hissəsi düşmüşdür. Məncə, bu kitabı köçürənlərin səhvidir. Çünki ət-Tabəri digər rəvayətlərdə “övladı və atası olmayan” kimi rəvayət etmişdir. Həmçinin hədisi əl-Beyhəqi (6/225) ət-Tabərinin rəvayəti kimi naqis rəvayət etmiş və digər tam rəvayətlərə etiraz etmişdir. Lakin o bu etirazına görə üzrlü sayılır. Çünki ona naqis rəvayət çatmış, tam rəvayət isə çatmamışdır. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 12058, 12644; əl-Hakim, 3187. əl-Hakim “İsnadı əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər” demiş, əz-Zəhəbi də onunla razılaşmışdır). Əli ibn Əbu Talib və İbn Məsud (Allah onlardan razı olsun) da belə demişlər. Abdullah ibn Abbas və Zeyd ibn Sabitdən (Allah onlardan razı olsun) gələn rəvayətlərin səhih olanı da budur. əş-Şabi, ən-Nəxai və digərləri, habelə Mədinə, Kufə və Bəsrə alimləri də bununla fətva vermişlər. Yeddi fiqh alimləri, dörd məzhəm imamları, sələf və xələf alimləri və əksər alimlər bu məsələdə eyni fikirdədirlər. Bir çox alimlər bu məsələdə icma (yekdil rəy) olduğunu nəql etmişlər. Bu barədə Peyğəmbərdən ﷺ rəvayət olunan hədis varid olmuşdur. İbn əl-Ləbbən demişdir: “İbn Abbasdan buna müxalif olan başqa bir rəvayət var. Rəvayətə görə, “kələlə övladı olmayan və bu halda ölənə deyilir”. Lakin İbn Abbasdan nəql edilən birinci rəvayət doğrudur. Ola bilsin, hədisi rəvayət edən düz başa düşməmişdir.
Atası və övladı olmayanın “bir qardaşı, yaxud bir bacısı varsa”, yəni anabir qardaşı və ya bacısı varsa. Qatədə Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, o bu ayəni məhz bu cür təfsir etmişdir. “...onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, hamısı mirasın üçdə birinə şərikdirlər”. Anabir qardaşlar digər varislərdən bir çox cəhətdən fərqlənirlər:
Birinci: Anabir qardaşlar onları ölən şəxsə bağlayan anaları ilə birlikdə varis olurlar.
İkinci: Anabir qardaşlarla anabir bacılar eyni hökmdədirlər.
Üçüncü: Onlar yalnız vəfat edənin atası və övladları olmadığı halda varis ola bilərlər. Ata, baba, oğul, oğulun oğlu ilə birlikdə varis ola bilməzlər.
Dördüncü: Kişi və qadınlarının saylarının çox olmasına baxmayaraq, payları üçdə birdən artıq ola bilməz.
Şəriklik məsələsində alimlər ixtilaf etmişlər. Şəriklik bunlar varis olduqda baş verir: ər, ana və ya nənə, iki anabir qardaş, bir və ya daha çox doğma qardaşlar. Əksər alimlərin sözünə görə, ərə mirasın yarısı, ana və ya nənəyə altıda biri, anabir qardaşlara isə üçdə biri düşür. Doğma qardaşlar anabir qardaşla eyni ananın övladları olduğuna görə onların mirasına (üçdə birinə) şərik olurlar. Belə bir məsələ möminlərin əmiri Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) dövründə baş vermiş və o, ərə mirasın yarısını, anaya altıda birini, ananın övladlarına üçdə birini vermişdi. Vəfat edənin doğma qardaşları etiraz edərək belə dedilər: “Ey möminlərin əmiri, belə çıxır ki, atamız eşşək olub! Biz bir anadan deyilikmi?” Ömər də onları anabir qardaşların mirasına şərik etdi. Doğma qardaşları anabir qardaşların mirasına şərik etmək Ömər və Osmandan (Allah onlardan razı olsun) səhih rəvayətlə bizə gəlib çatmışdır. Abdullah ibn Məsud, Zeyd ibn Sabit və Abdullah ibn Abbasdan (Allah onlardan razı olsun) gələn iki rəvayətdən biri də belədir. Səid ibn əl-Museyyib, Qazi Şureyh, Ömər ibn Abdul-Aziz, əs-Səuri və başqaları bu rəylə fətva vermişlər. Malik, əş-Şafii və İshaq ibn Rahaveyhin məzhəbləri də belədir.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) isə bu halda doğma qardaşları anabir qardaşlara şərik etməz və üçdə birin hamısını ananın övladlarına verərdi. Doğma qardaşlara isə heç nə verməzdi, çünki onlar ölənin kişi qohumlarıdır (Çünki kişi qohumlara miras payları tam bölündükdən sonra artıq qalan hissə düşür. Peyğəmbər ﷺ demişdir: “Miras paylarını sahiblərinə verin. Yerdə qalan isə (ata tərəfdən) ən yaxın olan kişiyə verilir”. (əl-Buxari, 6235, 6732). (pay sahibləri deyillər). Bu həmçinin Ubey ibn Kəb və Əbu Musa əl-Əşarinin rəyidir. İbn Abbasdan (Allah onlardan razı olsun) məşhur olan rəy də budur. əş-Şabi, İbn Əbu Leylə, Əbu Hənifə, Əbu Yusuf, Muhəmməd ibn əl-Həsən, İmam Əhməd, Yəhya ibn Adəm, Davud ibn Əli əz-Zahirinin və digərlərinin məzhəbləri də belədir. İbn əl-Ləbbən əl-Farazi “əl-İcaz” adlı əsərində bu fikri seçmişdir.
Uca Allah buyurur: “Bu bölgü, varislərə zərər yetirməmək şərtilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır”, yəni vəsiyyət ədalətli olsun, varislərdən bir qismini məhrum etmək, Allahın onlara müəyyən etdiyi payı azaldıb və ya artırmaqla zərər vermək və zülm etmək məqsədilə olmasın. Kim bunu etməyə can atarsa, Allahın hikmətinə və bölgüsünə qarşı çıxmış olar. ət-Tabəri İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Vəsiyyət etməklə başqalarına zərər vermək böyük günahlardandır”.Hədisi ən-Nəsəi və İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) sözü olaraq rəvayət etmişlər. (ət-Tabəri (8783-8787), əl-Beyhəqi (6/271). Həmçinin hədisi ət-Tabəri (8788), əl-Beyhəqi və İbn Əbu Hatim Peyğəmbərin ﷺ sözü olaraq rəvayət etmişlər. Lakin isnadı olduqca zəifdir. Doğru olan budur ki, hədis İbn Abbasın (Allah ondan razı olsun) sözüdür. Hədis zahirən İbn Abbasın sözü olsa da, mənaca Peyğəmbərə ﷺ nisbət olunan hədis hökmündədir. Çünki İbn Abbasın belə bir sözü özündən deməsi və bu əməlin böyük günah olmasını qəti şəkildə bildirməsi mümkün deyil. (Əhməd Şakir). ən-Nəsəi “Sunənul-Kubra” 11026, 11092. Peyğəmbərə ﷺ nisbət olunması düzgün deyil. Hədis zəifdir. Bax: Daif ət-Tərğib vat-Tərhib, 2019). Bu səbəbdən alimlər vəfat edənin ölüm ayağında varisin xeyrinə etdiyi etirafın (Məsələn, bir kəsin ölüm ayağında varislərin birinə borcu olduğunu etiraf etməsi kimi). qəbul olunub-olunmaması məsələsində ixtilaf etmişlər. Bu məsələdə iki rəy var:
Birinci rəy: Vəfat edənin ölüm ayağında varislərdən birinin xeyrinə etdiyi etirafı qəbul olunmur, çünki bu, bilərəkdən varisin payını artırması şübhəsini doğurur. Bununla bağlı səhih bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, Uca Allah hər haqq sahibinin haqqını vermişdir. Buna görə də varisə vəsiyyət yoxdur”. (Hədis Amr ibn Xaricədən (Allah ondan razı olsun) rəvayət olunur. “əl-Bəqərə” surəsinin 178-182-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əbu Davud, 2872, 3567; ən-Nəsəi “Sunən” 3581, 3641, 3656. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1720). Bu rəy Əbu Hənifə, Malik və Əhməd ibn Hənbəlin məzhəbidir. əş-Şafiinin köhnə rəyi də budur.
İkinci rəy: əş-Şafii yeni rəyində isə bu etirafın qəbul olunduğunu demişdir. Vəfat edənin ölüm ayağında varisin xeyrinə etdiyi etirafın qəbul olunması Tavus, Əta, əl-Həsən və Ömər ibn Abdul-Azizin də rəyidir. Əbu Abdullah əl-Buxari “Səhih” əsərində də bu rəyi seçmiş və Rafi ibn Xadicin (Allah ondan razı olsun) arvadı əl-Fəzəriyyənin evindəki malından heç bir şey götürülməməsini vəsiyyət etməsini dəlil gətirmişdir. əl-Buxari demişdir: “Bəzi insanlar varislər barədə pis zənnə qapılaraq vəfat edənin ölüm ayağında öz varislərinin xeyrinə olan bir şeyi etiraf etməsinin qəbul olunmadığını demişlər. Halbuki Peyğəmbər ﷺ “Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan söhbətdir” demişdir. Uca Allah “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir” (“ən-Nisa”, 58) buyurmaqla yalnız varisləri və ya qeyrilərini nəzərdə tutmamışdır”. (əl-Buxari “Vəsiyyət Kitabı” 8-ci fəsil). əl-Buxarinin dedikləri burada bitir. Ölüm ayağında edilən etiraf doğru və həqiqətə uyğun olduqda bu ixtilafın olması normaldır. Lakin əgər bu etiraf hiylə və varislərin bir qisminin payını artırmağa, digər bir qisminin isə payını azaltmağa vəsilə olarsa, alimlərin yekdil rəyi ilə bu haramdır. Buna dəlil isə Uca Allahın “Bu bölgü, varislərə zərər yetirməmək şərtilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah hər şeyi biləndir, həlimdir” ayəsidir.
 
ən-Nisa, 13-14
تِلْكَ حُدُودُ اللَّهِ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ * وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ
13. Bunlar Allahın qoyduğu hüdudlardır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur.
14. Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.

 
Yəni ölən insanın varislərinin ona olan yaxınlıqlarına və ehtiyaclarına görə Uca Allahın onlar üçün müəyyən etdiyi paylar və ölçülər Onun qoyduğu hüdudlarıdır. Bu hüdudları aşmayın və qoyduğu qanunları pozmayın. Bu səbəbdən Uca Allah belə buyurur: “Kim Allaha və Onun rəsuluna itaət edərsə...”, yəni bu hüdudları qorumaqla müxtəlif hiylə və vasitələrlə varislərdən bir qisminin payını artırmaz, digər bir qisminin payını azaltmaz, əksinə, onları Allahın hökmünə, payına və bölgüsünə həvalə edərsə, “Allah onu altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır”. Çünki o, Allahın qoyduğu hökmü dəyişdirməklə Onun hökmünə qarşı çıxmışdır. Bu isə Allahın bölgüsü və hökmü ilə razılaşmamaqdan irəli gəlir. Buna görə də Uca Allah onu alçaldaraq ağrılı-acılı və əbədi əzabla cəzalandıracaqdır.
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Bir adam yetmiş il xeyir iş görən kəslərin əməlini edər, vəsiyyət etdikdə isə zülmə yol verər və əməl dəftərinə pis əməllə xitam verilər və nəticədə Cəhənnəmə girər. Bir adam da yetmiş il şər iş görən kəslərin əməlini edər, sonunda vəsiyyət edərkən ədalətli olar və əməl dəftərinə yaxşı əməllə xitam verilər və nəticədə Cənnətə girər”. Sonra Əbu Hureyra belə dedi: “İstəsəz, Uca Allahın “Bunlar Allahın qoyduğu hüdudlardır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır” ayəsini oxuyun!” (“əl-Musnəd” (7728). Hədis “əl-Bəqərə” surəsinin 180-184-cü ayələrinin təfsirində keçmişdir. Hədisin təxrici barədə orada danışmışıq. (Əhməd Şakir). Əhməd, 7728. Hədis zəifdir. Bax: Daif əl-Cami, 1457; Mişkətul-Məsabih, 3075). Oxşar hədisi Əbu Davud, ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. İmam Əhmədin rəvayəti daha mükəmməldir.
 
ən-Nisa, 15-16
وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِنْ نِسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِنْكُمْ فَإِنْ شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّى يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا * وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا فَإِنْ تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَحِيمًا
15. Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin.
16. Aranızda belə yaramaz iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib əməllərini islah etsələr, onlara əziyyət verməkdən vaz keçin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

 
İslamın əvvəlində hökm belə idi ki, əgər bir qadın zina edərdisə və etdiyi zina ədalətli dəlillərlə sübuta yetərdisə, həmin qadın bir evdə həbs edilərdi və ölənə qədər o evdən çıxmasına izin verilməzdi. Bu səbəbdən Uca Allah buyurur: “Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin”. Allahın onlar üçün bir yol açması bu ayənin hökmünün ləğv edilməsi idi. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah “ən-Nur” surəsində şallaq və ya daşqalaq cəzası ilə bu ayənin hökmünü ləğv etməyənə qədər zinakarın hökmü belə idi”. Bu məsələdə alimlər ittifaq etmişlər. İmam Əhməd Ubədə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərə ﷺ vəhy nazil olduqda bu ona təsir edərdi. Vəhyin nazil olması ona ağır gələrdi və üzündə qəmgin bir hal yaranardı. Bir gün Uca Allah ona vəhy nazil etdi və o özünə gəldikdən sonra dedi: “Məndən öyrənin! Artıq Uca Allah onlar (zina etmiş qadınlar) üçün çıxış yolu göstərdi. Evli ilə evli, subay ilə subay zina edərsə, evliyə yüz qamçı vurular, sonra isə daşqalaq olunar. Subaya isə yüz qamçı vurular və bir il yaşadığı yerdən uzaqlaşdırılar”. Hədisi Muslim və “Sunən” əsərlərinin sahibləri rəvayət etmişlər. ət-Tirmizi “Bu hədis həsən-səhihdir” demişdir. Eyni hədisi Əbu Davud ət-Tayəlisi də rəvayət etmişdir. (“əl-Musnəd” (5/318 Hələbi nəşri), ət-Tayəlisi (548), əş-Şafii “Risələ” əsəri (378-379, 686), ət-Tabəri (8805-8807, 8810, 8811). (Əhməd Şakir). Əhməd, 22715, 22767, 23092. Şueyb əl-Arnavut Muslimin şərtlərinə görə hədisin isnadının səhih olduğunu bildirmişdir). İmam Əhməd ibn Hənbəl bu hədisə əsaslanaraq evli zinakarın həm çubuqla, həm də daşqalaq olunmaqla cəzalandırıldığını demişdir. Əksər alimlərin rəyinə görə isə evli zinakar çubuq vurulmadan yalnız daşqalaq olunur. Onlar demişlər “Çünki Peyğəmbər ﷺ öz dövründə Maizi, əl-Ğamidiyyə qəbiləsindən olan qadını və iki yəhudini evli olduqları halda zina etdiklərinə görə daşqalaq etmiş, lakin daşqalaq etməmişdən əvvəl onlara çubuq vurmamışdır. Bu da onu göstərir ki, daşqalaq etməmişdən əvvəl çubuq vurmaq vacib deyil”. Əksinə, onların sözlərinə görə daşqalaqdan əvvəl çubuq vurmaq nəsx (hökmü ləğv) edilmişdir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Aranızda belə yaramaz iş tutanların hər ikisinə əziyyət verin”, yəni aranızda zina edən iki nəfərin hər ikisinə əziyyət verin. İbn Abbas, Səid ibn Cubeyr və başqaları demişlər: “Yəni söyməklə, danlamaqla və ayaqqabı ilə vurmaqla əziyyət verin”. Uca Allah bu hökmü çubuq vurmaq və daşqalaq etmək cəzası ilə dəyişdirənə qədər onlar barədə hökm belə idi. İkrimə, Əta, əl-Həsən və Abdullah ibn Kəsir bu ayənin zina edən kişi və qadın barədə nazil olduğunu demişlər. Mucahid isə zina edən iki kişi barədə nazil olduğunu demişdir. Sanki bununla lutiliyi (homoseksuallığı) nəzərdə tutmuşdur. Ən doğrusunu Allah bilir. “Sunən” əsərlərinin sahibləri İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Lut qövmünün etdiyini təkrar edənləri (homoseksuallıqla məşğul olanı) görsəniz, həm edəni, həm də ediləni öldürün”. (“əl-Musnəd” (2732). İsnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 4462; İbn Məcə, 2551. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2350).
Uca Allah buyurur: “Əgər tövbə edib əməllərini islah etsələr...”, yəni etdikləri əməli tərk edib əməllərini düzəltsələr və yaxşılaşdırsalar, “onlara əziyyət verməkdən vaz keçin”, yəni artıq bundan sonra onlara kobud sözlər deməklə məzəmmət etməyin. Çünki günahından tövbə edən kəs günahsız insan kimidir. “Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan bir hədisdə belə buyurulur: “Kəniz zina edərsə və bu işin üstü açılarsa, qoy (ağası) ona (əlli) çubuq vursun və onu təhqir etməsin!” (əl-Buxarinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisin müxtəsər formasıdır (4/350 Fəthul-Bari), Muslim (2/37-38). Həmçinin Əhməd “əl-Musnəd” (7389) əsərində rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 2080, 2234; Muslim, 3215, 4542). Yəni etdiyinin kəffarəsi olaraq cəzanı tətbiq etdikdən sonra bu etdiyinə görə ona tənə etməsin.
 
ən-Nisa, 17-18
إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَرِيبٍ فَأُولَئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا * وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُولَئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
17. Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tez bir zamanda tövbə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
18. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman “Mən indi tövbə etdim!” deyənlərlə kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

 
Uca Allah bu ayədə bildirir ki, O, yalnız avamlığı üzündən günah əməl edib, sonra can boğaza yetişmədən, yəni ruhunu almağa gələn mələyi görməmişdən əvvəl tövbə edənlərin tövbəsini qəbul edir. Mucahid və başqaları demişlər: “Allaha istər bilərək, istərsə də bilmədən asi olan hər kəs etdiyi günahdan əl çəkənə qədər avamdır”. Abdur-Razzəq Qatədənin belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ səhabələri Allaha asilik sayılan hər bir əməlin avamlıq olmasında yekdil rəydə olmuşlar. İstər bu bilərəkdən olsun, istər də digər səbəbdən”. (Hədis Abdur-Razzəqin təfsirindədir (səh. 39). Həmçinin ət-Tabəri eyni isnadla rəvayət etmişdir (8833). (Əhməd Şakir). Həmçinin Abdur-Razzəq rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “...sonra tez bir zamanda tövbə edərlər” ayəsi barəsində demişdir: “Yəni işlədiyi günahla, ölüm mələyini görəcəyi zaman arasında tövbə edərlər”. əl-Həsən əl-Bəsri isə demişdir: “Can boğaza yetişmədən tövbə edərlər”. İkrimə demişdir: “Ayədə “tez bir zaman” dedikdə dünya həyatı nəzərdə tutulur”.
İmam Əhməd İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah qulun tövbəsini canı boğazına yetişməyənə qədər qəbul edər”. Hədisi həmçinin ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi “Həsən-ğarib hədisdir” demişdir. (“əl-Musnəd” (6160, 6408). Həmçinin əl-Hakim (4/258) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 6160. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1903). İbn Məcənin “Sunən” əsərində hədis Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət edilsə də, əslində, bu səhvdir. Doğru olan budur ki, hədisi Abdullah ibn Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) rəvayət etmişdir. İmam Əhməd Abdur-Rahmən ibn əl-Beyləmənidən rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərin ﷺ səhabələrindən dördü bir yerə toplaşdılar. Onlardan biri dedi: “Mən Peyğəmbərin ﷺ “Həqiqətən, Allah qulun tövbəsini ölümündən bir gün əvvələ qədər qəbul edər” dediyini eşitdim”. Digəri “Sən bunu Peyğəmbərdən ﷺ eşitdinmi?” deyə soruşdu. Əvvəlki “Bəli” deyə cavab verdi. Digəri sözünü davam edərək dedi: “Mən Peyğəmbərin ﷺ “Həqiqətən, Allah qulun tövbəsini ölümündən yarım gün əvvələ qədər qəbul edər” dediyini eşitmişəm”. Üçüncüsü ondan “Sən bunu Peyğəmbərdən ﷺ eşitdinmi?” deyə soruşdu. O, “Bəli” deyə cavab verdi. Üçüncü dedi “Mən Peyğəmbərin ﷺ “Həqiqətən, Allah qulun tövbəsini ölümünə dan yeri söküləndən Günəş göy üzünün ortasına çatana kimi olan vaxt qalanadək qəbul edər” dediyini eşitmişəm”. Dördüncü ondan “Sən bunu Peyğəmbərdən ﷺ eşitdinmi?” deyə soruşdu. Üçüncü “Bəli” deyə cavab verdi. Dördüncü dedi “Mən Peyğəmbərin ﷺ: “Həqiqətən, Allah qulun tövbəsini canı boğazına yetişənədək qəbul edər” dediyini eşitmişəm”. (“əl-Musnəd” (15565). İsnadı səhihdir. Abdur-Rahmən ibn əl-Beyləməni mötəbər tabiindir. Kitabın çap olunmuş nüsxəsində “İbn əs-Səlməni” yazılmışdır ki, bu da səhvdir. Hədisi həmçinin əl-Hakim (4/258-259) səhih isnadlarla rəvayət etmişdir. əl-Heysəmi hədisi “əz-Zəvaid” (10/197) əsərində qeyd etmiş və demişdir: “Hədisi Əhməd rəvayət etmişdir. Hədisi rəvayət edənlərin adları əl-Buxarinin “Səhih” əsərində keçmişdir. Yalnız Abdur-Rahmən istisna olmaqla, o da mötəbərdir”. (Əhməd Şakir). Əhməd, 15499, 15538, 15565. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Oxşar hədisi Səid ibn Mənsur Abdur-Rahmən ibn əl-Beyləmənidən rəvayət etmişdir.
Bu hədislər dəlalət edir ki, yaşamağa ümidi olan kəs Allaha tövbə edərsə, tövbəsi qəbul olunar. Bu səbəbdən Uca Allah “Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir” buyurur. Lakin yaşamaqdan ümidini kəsib ölüm mələyini görən, son nəfəsini verərkən xırıldamağa başlayan, köksü daralan və can boğaza yetişdiyi zaman xırıldamağa başlayan kəsin etdiyi tövbə məqbul deyil. Bu zaman artıq xilasolma vaxtı deyil. Bu səbəbdən Uca Allah buyurur: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman “Mən indi tövbə etdim!” deyənlərlə kafir kimi ölənlərin tövbəsi qəbul deyildir”. Başqa bir ayədə belə buyurur: “Onlar əzabımızı gördükdə dedilər: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri inkar etdik!” Lakin əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən olub-keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar” (“Ğafir”, 84-85). Başqa bir ayədə isə Uca Allah yer üzündə olan insanların Günəşin günbatandan doğduğunu gördükləri zaman tövbələrinin qəbul olunmayacağını hökm edərək buyurur: “Rəbbinin bəzi (Qiyamət) əlamətləri (Günəşin günbatandan doğması) gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” (“əl-Ənam”, 158).
Uca Allah buyurur: “...kafir kimi ölənlərin tövbəsi qəbul deyildir”, yəni əgər kafir insan küfr və şirk əməli üzərində ölərsə, sonrakı peşmançılığı və can boğaza yetişərkən etdiyi tövbəsi ona fayda verməyəcək, hətta bunun üçün dünya dolusu qızıl fidyə versə belə, bu ondan qəbul olunmaz. İbn Abbas, Əbul-Aliyə və ər-Rabi ibn Ənəs demişlər: “Uca Allahın “...kafir kimi ölənlərin tövbəsi qəbul deyildir” ayəsi Allaha şərik qoşanlar barədə nazil olmuşdur”. İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, Allah qulunun tövbəsini (onunla Allahın rəhməti arasına) örtük çəkilməyənə qədər qəbul edər və ya qulunu bağışlayar”. Orada olan səhabələr “Örtüyün çəkilməsi nədir, ey Allahın Elçisi?” deyə soruşduqda Peyğəmbər ﷺ dedi: “Müşrik olduğu halda canının çıxmasıdır”. (“əl-Musnəd” (5/174 Hələbi nəşri). İsnadı səhihdir. Həmçinin əl-Buxari “əl-Kəbir” əsərində (1/2/22, 161-162) və əl-Hakim (4/257) rəvayət etmişlər. əl-Hakim hədisin səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. Hədis “Məcməuz-Zəvaid” əsərində yer almış (10/198) və müəllif əlavə olaraq hədisi əl-Bəzzəra nisbət etmişdir. (Əhməd Şakir). Əhməd, 21522, 21561, 21855. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Bu səbəbdən Uca Allah ayənin sonunda “Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq” buyurur.
 
ən-Nisa, 19-22
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا * وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا * وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا * وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًا
19. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.
20. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, bundan heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə geri alacaqsınız?
21. Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar.
22. Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur.

 
əl-Buxari rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi barədə demişdir: “Cahiliyyə dövründə bir kişi öldükdə qohumları zorla onun həyat yoldaşına varis çıxaraq ya özlərindən biri onunla evlənir, ya istədiklərinə ərə verir, ya da ona istədiyinə ərə getməyə mane olurdular. Bu məsələdə kişinin qohumları qadının qohumlarından daha çox hüquqa malik idilər. Bu səbəbdən bu ayə nazil oldu”. Hədisi Əbu Davud, ən-Nəsəi, İbn Mərdəveyh və İbn Əbu Hatim rəvayət etmişlər. (əl-Buxari (8/184-186 Fəthul-Bari), ət-Tabəri (8869). (Əhməd Şakir). əl-Buxari, 4579, 6948; ən-Nəsəi “Sunənul-Kubra” 11028, 11094).
ət-Tabəri rəvayət etmişdir ki, İkrimə demişdir: “Bu ayə Əus qəbiləsindən Kubeyşə bint Məan ibn Asim barədə nazil olmuşdur. Onun əri Əbu Qeys ibn əl-Əslət vəfat etdikdə (başqa qadından olan) oğlu onun başqasına ərə getməsinə mane olurdu. Qadın Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, məni nə ərimə varis etdilər, nə də başqasına ərə getməyə imkan verdilər”. Bu səbəbdən bu ayə nazil oldu”. (ət-Tabəri (8873). (Əhməd Şakir). ət-Tabəri, 8873, 8932). Mucahid bu ayənin nazilolma səbəbi barədə demişdir: “Birinin himayəsində yetim bir qız olardı və o bu yetimin qayğısına qalardı. Sonra da arvadı öldükdən sonra bu yetimlə evlənmək və ya oğluna almaq ümidi ilə onu evində saxlayardı və başqasına ərə verməzdi”. Hədisi İbn Əbu Hatim rəvayət etmiş, sonra demişdir: “Oxşar hədis əş-Şabi, Əta ibn Əbu Rabəh, Əbu Micləz, əd-Dahhək, əz-Zuhri, Əta əl-Xorasani və Muqatil ibn Həyyəndən rəvayət olunmuşdur”. (İbn Əbu Hatim, 5032).
Mən deyirəm: “Ayə həm insanların cahiliyyə dövründə etdiklərini, həm Mucahid və onun fikrində olanların dediklərini, həm də bu növ məsələ ilə əlaqəli hər şeyi əhatə edir. Ən doğrusunu isə Allah bilir”.
Uca Allah buyurur: “Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın”. Onlara verdiyiniz mehrin hamısını və ya bir hissəsini və yaxud üzərinizdə olan haqlarından birinin sizə keçməsi üçün onlarla pis rəftar etməyin, onları məcbur etməklə əziyyət verməyin.
Uca Allah buyurur: “açıq-aşkar yaramaz bir iş görməyincə”. İbn Məsud, İbn Abbas, Səid ibn əl-Museyyib, Səid İbn Cubeyr, Mucahid və başqaları (Allah onlardan razı olsun) demişlər: “Ayədə zina qəsd edilir”. Yəni əgər qadın zina edərsə, bu zaman ona verdiyin mehri geri almaq və öz xoşu ilə səndən ayrılması üçün onu sıxışdıra bilərsən. Necə ki Uca Allah “əl-Bəqərə” surəsində belə buyurur: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur” (“əl-Bəqərə”, 229). İbn Abbas, İkrimə və əd-Dahhək demişlər: “Açıq-aşkar yaramaz iş itaətsizlik və sözdən çıxmaqdır”. İbn Cərir isə ayənin qeyd olunanların hamısına – zina, itaətsizlik, asi olmaq, dil uzatmaq və s. aid olması rəyini seçmişdir. Yəni bu qeyd olunanların hamısı kişiyə qadının bütün haqlarından və ya haqlarının bir hissəsindən imtina etməsi və ondan ayrılmağı qəbul etməsi üçün qadını sıxışdırmasını icazəli edir. Bu yaxşı rəydir. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Onlarla xoş rəftar edin”, yəni onlarla gözəl şəkildə danışın, davranışınızı və zahiri görünüşünüzü bacardığınız qədər yaxşılaşdırın. Qadının sənə qarşı necə olmağını istəyirsənsə, sən də ona qarşı elə ol. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır” (“əl-Bəqərə”, 228). Peyğəmbər ﷺ demişdir: “Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm”. (ət-Tirmizi (4/367) Aişədən (Allah ondan razı olsun) rəvayət etmiş və demişdir: “Həsən-səhih hədisdir”. İbn Məcə isə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir (1977). İsnadı səhihdir. (Əhməd Şakir). ət-Tirmizi, 3895, 4269; İbn Məcə, 1977. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3314). Gözəl rəftar, daim gülərüz olmaq, ailəsi ilə arabir zarafat etmək, onlara qarşı mülayim olmaq, onların maddi dolanışığını təmin etmək və qadınları ilə deyib-gülmək Peyğəmbərin ﷺ əxlaqı idi. Hətta o bəzən möminlərin anası Aişə (Allah ondan razı olsun) ilə yarışar və bununla ona olan sevgisini göstərərdi. Aişə belə deyirdi: “Bir dəfə Peyğəmbər ﷺ mənimlə qaçışda yarışdı və mən onu keçdim. Bu mən kökəlməmişdən öncə idi. Mən kökəldikdən sonra bir daha yarışdıq və bu dəfə o məni keçdi və dedi: “Bu, əvvəlkinin əvəzi idi”. (Oxşar hədisi Əbu Davud (2578) rəvayət etmişdir. əl-Munziri demişdir: “Hədisi ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər”. (Əhməd Şakir). İbn Hibban, 4691; ət-Tabərani “Mucəmul-Kəbir” 18654. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1502). Peyğəmbərin ﷺ zövcələri hər axşam onun gecələyəcəyi evdə toplaşardılar. Peyğəmbər ﷺ bəzən şam yeməyini onlarla birlikdə yeyər, sonra hər kəs dağılışıb öz evinə gedərdi. Peyğəmbər ﷺ zövcələri ilə bir örtük altında yatardı. Üst geyimini çiynindən atıb izarı ilə yatardı. İşa namazını qıldıqdan sonra evinə girər, yatmazdan əvvəl zövcələri ilə bir qədər söhbət edər və beləcə onların könlünü alardı. Uca Allah buyurur: “Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (“əl-Əhzab”, 21).
Uca Allah buyurur: “Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”, yəni ümid edilir ki, onları istəməyə-istəməyə yanınızda saxlamağa səbir etməyiniz sizə dünya və Axirətdə çox xeyirlər gətirsin. Necə ki İbn Abbas (Allah ondan razı olsun) bu ayə barəsində demişdir: “Bu, kişinin xoşlamadığı qadına şəfqət göstərməsi, Allahın ona bu qadından bir uşaq bəxş etməsi və bu uşaqda bir çox xeyirlərin olmasıdır”. (ət-Tabəri, 8911, 8970). Səhih bir hədisdə belə buyurulur: “Heç bir mömin kişi mömin qadına (ayrılmalarına səbəb olacaq dərəcədə) nifrət etməsin! Onun bir xasiyyətini bəyənməsə də, ola bilsin, başqa bir xasiyyətindən xoşu gələr”. (Muslim (1/421) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 2672, 3721).
Uca Allah buyurur: “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, bundan heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə geri alacaqsınız?”, yəni sizdən biri arvadından ayrılıb onun yerinə başqasını almaq istəsə, böyük məbləğ olsa belə, birinciyə mehr olaraq verdiyi maldan heç bir şey geri almasın.
Bu ayə qadına mehr olaraq çox miqdarda mal verməyin icazəli olduğuna dəlalət edir. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) (xilafəti dövründə) çox mehr verməyi qadağan etmiş, sonra bu rəyindən dönmüşdür. Necə ki İmam Əhməd rəvayət etmişdir ki, Əbul-Əcfa əs-Suləmi Ömər ibn əl-Xattabın belə dediyini eşitmişdir: “Qadınların mehrində həddi aşmayın! Əgər çox mehr vermək dünyada şərəfə, Allah qatında isə təqvaya dəlalət etsəydi, bilin ki, Peyğəmbər ﷺ bu şərəf və təqvaya sizdən daha çox layiq idi. Halbuki nə Peyğəmbər ﷺ qadınlarından hər hansı birinə on iki uqiyyədən (Uqiyyə qədim ərəb pul vahididir. Bir uqiyyə 40 dirhəmə bərabər idi) artıq mehr verməmiş, nə də Peyğəmbərin ﷺ qızlarından hər hansı birinə bundan artıq mehr verilməmişdir. Həqiqətən, kişi arvadına verdiyi mehrdə həddi o qədər aşar ki, bu mehri arvadına verdikdə (nəfsinə ağır gəldiyi üçün) içində ona qarşı bir nifrət doğar və o “Sənə qovuşmaq üçün tuluğun ipinə belə möhtac oldum (çox əziyyətlərə qatlaşdım)” deyər”. Hədisi “Sunən” əsərlərinin sahibləri rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Bu, həsən-səhih hədisdir”. (“əl-Musnəd” (285, 287, 340), əl-Hakim (2/175-176). əl-Hakim hədisin səhih olduğunu bildirmiş, əz-Zəhəbi də bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 285;  İbn Məcə, 1887.  Hədis həsən səhihdir. Bax: Mişkətul-Məsabih, 3204).
Əbu Yalə rəvayət etmişdir ki, Məsruq demişdir: “Bir dəfə Ömər ibn əl-Xattab Peyğəmbərin ﷺ minbərinə çıxdı, sonra dedi: “Ey insanlar, sizə nə olub qadınların mehrlərini çoxaldırsınız? Peyğəmbər ﷺ və səhabələri arasında mehr dörd yüz dirhəm və daha az olardı. Əgər mehrləri çoxaltmaq Allah qatında bir təqva və ya bir şərəf olsaydı, siz bu işdə onlara çata bilməzdiniz. Bundan sonra bir kişinin evlənmək istədiyi qadına dörd yüz dirhəmdən artıq mehr verdiyini eşitməyim!” Sonra Ömər minbərdən endi, Qureyşdən bir qadın ona etiraz edərək “Ey möminlərin əmiri, qadınlara dörd yüz dirhəmdən artıq mehr verməyi insanlara qadağan etdinmi?” dedi. Ömər “Bəli” dedi. Qadın “Allahın Quranda nazil etdiyi ayəni eşitməmisənmi?” deyə soruşdu. Ömər “O hansı ayədir?” dedi. Qadın “Uca Allah “...onlardan birinə yığın-yığın mal vermiş olsanız belə” buyurmurmu?” dedi. Ömər “Ey Allahım, bağışla, insanlar Ömərdən daha başa düşən imiş” deyərək qayıtdı və minbərə çıxıb dedi: “Mən sizə qadınlara dörd yüz dirhəmdən artıq mehr verməyi qadağan etmişdim, kim istəsə, malından istədiyi qədər versin”, – dedi”. Əbu Yəalə demişdir: “Zənn edirəm ki, Ömər “Bu kimin ürəyindən keçsə, qoy könül xoşluğu ilə etsin” demişdir. Hədisin isnadı yaxşı və güclüdür”. (“Məcməuz-Zəvaid” (4/283-284). (Əhməd Şakir). İbn Kəsir “Musnədul-Faruq” 809). 
Daha sonra Uca Allah əvvəlki qadına verilən mehrin geri alınmasını pisləyərək “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz...” buyurur. Yəni siz ona, o da sizə qatılıb-qarışdığı halda mehri qadından necə geri alırsınız? İbn Abbas, Mucahid, əs-Suddi və bir çoxları bu ifadə ilə cinsi əlaqədə olmağın nəzərdə tutulduğunu demişlər. əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Peyğəmbər ﷺ lənətləşərək ayrılan ər-arvada “Heç şübhəsiz ki, Allah sizdən birinizin yalan danışdığını bilir. Aranızda tövbə etmək istəyən yoxdurmu?” dedi və bunu üç dəfə təkrar etdi. Kişi dedi: “Bəs mənim malım (verdiyim mehr) necə olsun?” Peyğəmbər ﷺ buyurdu: “O sənin malın sayıla bilməz. Çünki əgər sən doğru deyirsənsə, onda bu, ər-arvad münasibətinə görə verdiyin mal sayılır, yox əgər yalan danışırsansa, onda sənin heç bir halda buna haqqın çatmır”. (əl-Buxari, 4900, 5312, Muslim, 3821, 2743). 
Əbu Davudun “Sunən” əsərində və başqa kitablarda rəvayət olunur ki, Bəsra ibn Əksəm bakirə bir qadınla evlənmişdi. Onunla yaxınlıq etdikdən sonra xəbər tutdu ki, qadın zinadan hamilə imiş. O, Peyğəmbərin ﷺ yanına gəlib vəziyyəti ona bildirdi. Peyğəmbər ﷺ qadına mehr verilməsini hökm verdi, onları ayırdı və qadının (uşağı dünyaya gətirdikdən sonra) şallaqlanmasını əmr etdi. Sonra belə dedi: “Uşaq başqasının olsa da, ona yaxşı bax, mehr isə qadınla cinsi əlaqədə olmağının qarşılığıdır”. (Əbu Davud (2131, 2132) oxşar mənada. əl-Hafiz İbn Kəsir səhvən səhabənin adını Bəsra ibn Əbu Bəsra kimi qeyd etmişdir, lakin bu səhvdir. Bu, başqa bir səhabədir. Bizim qeyd etdiyimiz isə Əbu Davudun “Sunən” əsərindən götürülmüşdür. (Əhməd Şakir). Əbu Davud, 2133; əl-Beyhəqi “Sunənul-Kubra” 14263; əl-Hakim, 2746.  Hədis zəifdir. Bax: Daif Sunən Əbu Davud, 465).
Uca Allah buyurur: “...və onlar sizdən möhkəm əhd-peyman almışdılar”. İbn Abbas, Mucahid və Səid ibn Cubeyrdən rəvayət edilmişdir ki, ayədə nikah müqaviləsi nəzərdə tutulur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əhd-peyman dedikdə qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq nəzərdə tutulur”. İbn Əbu Hatim demişdir: “Oxşar rəvayət İkrimə, Mucahid, Əbul-Aliyə, əl-Həsən, Qatədə və başqalarından da rəvayət edilmişdir”. Muslimin “Səhih” əsərində Cabirdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ vida həcci xütbəsində belə demişdir: “Qadınlarla xoş rəftar edin! Siz onları Allahın əhdi ilə aldınız və onları özünüzə Allahın kəlməsi ilə halal etdiniz”. (Muslim, 2137, 3009).
Uca Allah buyurur: “Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur”. Bu ayədə Uca Allah oğullara atalarına hörmət və ehtiram olaraq (ataları öldükdən və ya zövcələrini boşadıqdan sonra) onların zövcələri ilə evlənməyi və atalarından sonra onlarla yaxınlıq etməyi haram etmişdir. Hətta atanın bir qadınla, sadəcə, nikaha girməsi ilə o qadın artıq oğula haram hesab olunur. Bu məsələdə alimlər yekdil olaraq ittifaq etmişlər. əs-Suheyli (Əbul-Qasim Abdur-Rahmən ibn əl-Xatib Abdullah əs-Suheyli böyük alimlərdən biri olmuşdur. Hicri 581-ci ildə Mərakeşdə vəfat etmişdir). iddia etmişdir ki, oğulların atalarının zövcələri ilə evlənmələri cahiliyyə dövrünün adətlərindən olmuşdur. Bu səbəbdən Uca Allah “Olub-keçənlər istisna olmaqla” buyurur. Necə ki başqa bir ayədə buyurur: “İki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir”. əs-Suheyli demişdir: “Bunu Kinənə ibn Xuzeymə etmişdir. O, (atası öldükdən sonra) atasının zövcəsi ilə evlənmiş və ondan ən-Nadr ibn Kinənə adlı oğlu olmuşdur. Peyğəmbər ﷺ demişdir: “Mən zinadan deyil, qanuni nikahdan doğulmuşam”. (Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 1914). Bu hədis dəlalət edir ki, bu nikah onlarda icazəli idi. Ola da bilsin, Peyğəmbər ﷺ belə deməklə bunun onlar arasında qəbul olunmuş nikah olduğunu nəzərdə tutmuşdur. İbn Cərir rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allahın İslam şəriətində haram etdiyi qadınlarla evlənməyi cahiliyyə dövründəki insanlar da haram edərdilər. Yalnız atanın evli olduğu qadın ilə evlənmək və iki bacını birlikdə almaq istisna idi. Uca Allah da “Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” və “İki bacını birlikdə almaq haram edildi” ayələrini nazil etdi”. (ət-Tabəri (8938). İsnadı səhihdir. Həmçinin İbn əl-Munzir rəvayət etmişdir. Necə ki “əd-Durrul-Mənsur” əsərində qeyd olunub. (Əhməd Şakir). ət-Tabəri, 8938, 8997). Əta və Qatədə də belə demişlər, lakin əs-Suheylinin Kinənə hadisəsi barədə nəql etdiyi şübhəlidir. Ən doğrusunu Allah bilir. Hər halda bu əməl bu ümmətə haramdır və son dərəcə çirkin bir əməl sayılır. Bu səbəbdən Uca Allah “Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur” buyurmuşdur. Başqa bir ayədə isə “Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın” (“əl-Ənam”, 151) və “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (“əl-İsra”, 32) buyurur. Burada isə Uca Allah: “qəzəb doğuran bir əməl” sözünü əlavə etmişdir. Yəni bu öz-özlüyündə böyük bir işdir və atalarının zövcələri ilə evləndikdən sonra oğullarda atalarına qarşı qəzəb hissi yaranmasına gətirib çıxarır. Çünki, adətən, bir qadınla evlənən kişi onun əvvəlki ərinə qarşı kin-küdurət bəsləyir. Bu səbəbdən möminlərin anaları (Peyğəmbərin zövcələri) ilə evlənmək bu ümmətin kişilərinə haram edilmişdir. Çünki onlar Peyğəmbərin ﷺ zövcələri və ümmətin analarıdır. Peyğəmbər ﷺ isə ümmətin atası yerindədir. Hətta onun haqqı, alimlərin yekdil rəyinə görə, ataların haqqından daha yüksək tutulmuşdur. Ona olan sevgi möminlərin özlərinə olan sevgilərindən daha öndədir.
Əta ibn Əbu Rabəh Uca Allahın “qəzəb doğuran bir əməl” sözü barədə demişdir: “Yəni Allahın bunu edənə qəzəbi tutar”. Uca Allahın “həm də pis bir yoldur” sözü barədə isə demişdir: “Bu yolu tutan insanlar üçün nə pis yoldur. Bunu edən dindən çıxmışdır və öldürülməlidir. Malı isə Beytulmal üçün qənimət sayılar”. Necə ki İmam Əhməd Bəra ibn Azibin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə əmim əl-Həris ibn Amrla rastlaşdım. Yanında Peyğəmbərin ﷺ ona verdiyi bir bayraq var idi. Mən “Ey əmi, Peyğəmbər ﷺ səni hara göndərib?” deyə soruşdum. Əmim dedi: “Məni atasının zövcəsi ilə evlənən bir kişinin yanına göndərdi və onun boynunu vurmağımı əmr etdi”. (“əl-Musnəd” (4/292 Hələbi nəşri), Əbu Davud (4457). Əbu Davudun rəvayətinə görə: “onun boynunu vurmağımı və malını almağımı əmr etdi”. Hər iki isnad səhihdir. (Əhməd Şakir). ət-Tirmizi, 1362, 1414; ən-Nəsəi “Sunən” 3279, 3331. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2351).
 
ən-Nisa, 23-24
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللَّاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا * وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
23. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onlarla evlənməyiniz sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
24. Sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.

 
Bu ayə qan qohumluğu və qan qohumluğuna aid edilən əmizdirmə və kürəkən səbəbi ilə evlənməyi haram edən qadınları bildirən bir ayədir. İbn Əbu Hatim demişdir: “Cumhur alimlər Uca Allahın “Sizə... qızlarınız... haram edildi” ayəsinin ümumi mənasına əsaslanaraq, bir kişinin zinadan olan qızının da ona haram olması fikrindədirlər, çünki o da onun qızıdır və ayənin ümumi hökmünə daxildir. Necə ki bu, Əbu Hənifə, Malik və Əhməd ibn Hənbəlin məzhəbidir.
Uca Allah buyurur: “...sizi əmizdirən süd analarınız, süd bacılarınız... haram edildi”, yəni səni dünyaya gətirən doğma anan sənə haram edildiyi kimi, səni əmizdirən süd anan da sənə haramdır. əl-Buxari və Muslim “Səhih” əsərlərində möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Qan qohumluğunun haram etdiyi şeyləri əmizdirmə də haram edir”. (əl-Buxari, 4838, 5239). Muslimin rəvayəti isə belədir: “Qan qohumluğu səbəbindən haram olanlar əmizdirmə ilə də haram olur”. (Muslim, 2615, 3641).
Alimlər süd qohumluğu yaradan və evlənməyi haram edən əmizdirmənin sayında ixtilaf etmişlər. Bəziləri ayənin ümumi mənasına əsaslanaraq bir dəfə süd əmmənin belə süd qohumluğu yaratdığını və evlənməyi haram etdiyini demişlər. Bu, İmam Malikin rəyidir. Həmçinin bu, İbn Ömərdən (Allah ondan razı olsun) də rəvayət edilmişdir. Səid ibn əl-Museyyib, Urvə ibn əz-Zubeyr və əz-Zuhri də bu fikirdədirlər. Digər alimlər isə üçdən az əmizdirmənin süd qohumluğu yaratmadığını demişlər. Bu rəyi deyənlər Muslimin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədisə əsaslanmışlar. Hədisdə Peyğəmbər ﷺ demişdir: “Uşağın bir və ya iki dəfə süd əmməsi süd qohumluğu yaratmır və evlənməyi haram etmir”. (Muslim, 2628, 3663). Həmçinin Ummul-Fadldan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Qadının uşağı bir və ya iki dəfə əmizdirməsi, uşağın da bir və ya iki dəfə süd əmməsi süd qohumluğu yaratmaz və evlənməyi haram etməz”. (İbn Məcə, 1940; İbn Hibban, 422. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3259). Hədisin başqa bir rəvayəti belədir: “Uşağın bir və ya iki dəfə döş əmməsi qan qohumluğu yaratmır və evlənməyi haram etmir”. Hədisi Muslim rəvayət etmişdir. (Muslim (1/414-415). (Əhməd Şakir). Muslim, 2629, 3664). İmam Əhməd ibn Hənbəl, İshaq ibn Rahaveyh, Əbu Ubeyd və Əbu Səur da bu fikirdə olanlardandır. Bu rəy Əli, Aişə, Ummul-Fadl, İbn əz-Zubeyr, Suleyman ibn Yəsər və Səid ibn Cubeyrdən (Allah onlardan razı olsun) də rəvayət edilmişdir.
Başqa bir qrup alimlər isə beşdən az əmizdirmənin süd qohumluğu yaratmadığını və evlənməyi haram etmədiyini demişlər. Bu rəydə olanlar Muslimin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilən bu hədisi dəlil gətirmişlər. Aişə (Allah ondan razı olsun) demişdir: “Quranda nazil edilənlər arasında on dəfə süd əmizdirmənin süd qohumluğu yaratması və evlənməyi haram etməsi var idi. Sonra bu say ləğv olunaraq beş dəfəyə endirildi. Peyğəmbər ﷺ vəfat etdikdə bəzi insanlar hələ də bu ayələri Qurandan hesab edib oxuyurdular”. (Muslim (1/415). (Əhməd Şakir). Muslim, 2634, 3670). Abdur-Razzəq də Aişədən oxşar hədisi rəvayət etmişdir. Səhlə bint Suheylin (Allah onlardan razı olsun) hədisində bildirilir ki, Peyğəmbər ﷺ ona Əbu Huzeyfənin azad etdiyi köləsi Səlimi beş dəfə əmizdirməyi əmr etmişdir. (Muslim (1/415-416). Bax: “Fəthul-Bari” (9/113-115, 125-129). (Əhməd Şakir). İmam əş-Şafii və onun məzhəbində olanlar bu rəyə əsasən fətva vermişlər. Həmçinin bilmək lazımdır ki, əksər alimlərin rəyinə görə, süd qohumluğunun yaranması üçün əmizdirmə kiçik yaşlarında, yəni iki yaş ərzində olmalıdır. Necə ki bu məsələ barədə “əl-Bəqərə” surəsinin təfsirində ətraflı şəkildə danışmışıq. (“əl-Bəqərə” surəsinin 233-cü ayəsinin təfsirinə bax. (Əhməd Şakir).
Alimlər süd qohumluğunun uşağı əmizdirən qadının ərinə də aid olub-olmaması məsələsində ixtilaf etmişlər. (Yəni uşağı əmizdirən qadının uşağın doğma anası yerində olduğu kimi, qadının əri də uşağın atası yerində olurmu deyə ixtilaf etmişlər). Bu məsələdə iki rəy var. Dörd məzhəb imamlarının və əksər alimlərin rəyinə görə, qadının uşağı əmizdirməsi ilə süd qohumluğu onun ərinə də keçir. Bəzi sələflər isə əmizdirmə ilə süd qohumluğunun yalnız anaya aid olub, ataya (qadının ərinə) tərəf keçmədiyini demişlər.
Uca Allah buyurur: “...arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onlarla evlənməyiniz sizə günah deyildir...” Arvadın anasına (qayınanaya) gəlincə, bir kişinin qadınla, sadəcə, nikah bağlaması ilə artıq bu qadının anası ilə evlənmək həmin kişiyə haram olur. Fərq etməz, istər nikahdan sonra qadınla yaxınlıq etmiş olsun, istər etməmiş olsun. Himayədəki ögey qız kişinin evləndiyi qadının əvvəlki ərindən olan qızı olduqda, bu qızın anası ilə, sadəcə, nikaha girmək bu qızı kişiyə haram etmir. Kişi nikah bağladıqdan sonra qadınla yaxınlıq etdiyi təqdirdə onun qızı ilə evlənmək kişiyə haram olur. Əgər nikah bağladıqdan sonra yaxınlıq etməmişdən əvvəl qadını boşasa, onun qızı ilə evlənə bilər. Bu səbəbdən Uca Allah ayədə “...yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onlarla evlənməyiniz sizə günah deyildir” buyurur. Bu, yalnız ögey qızlara aiddir. Bəziləri ayədəki “yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onlarla evlənməyiniz sizə günah deyildir” cümləsində işlənən “onlarla” əvəzliyi ilə həm analara, həm də ögey qızlara işarə edildiyini düşünərək evlənilən qadının həm anasının, həm də qızının, sadəcə, nikah bağlamaqla kişiyə haram olmadığını və yalnız qadınla yaxınlıq edildikdən sonra haram olduğunu demişlər. İbn Cərir rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun) qadınla nikah bağladıqdan sonra yaxınlıq etmədən onu boşayan bir kişinin həmin qadının anası ilə evlənib-evlənə bilməyəcəyi barədə demişdir: “Qadının anası ögey qız kimidir”. (ət-Tabəri (8951, 8952) yaxşı isnadla rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 9010). Zeyd ibn Sabitin isə belə dediyini rəvayət etmişdir: “Nikah bağladıqdan sonra yaxınlıq etməzdən əvvəl qadını boşayan kişinin həmin qadının anası ilə evlənməsində bir qəbahət yoxdur”. (ət-Tabəri (8953, 8954) səhih isnadla rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 9013). Bu rəy Əli, Zeyd ibn Sabit, Abdullah ibn əz-Zubeyr, Mucahid, İbn Cubeyr və İbn Abbasdan da rəvayət edilmişdir. Muaviyə (Allah onlardan razı olsun) isə bu məsələdə rəy bildirməmişdir. əş-Şafii məzhəbinin alimlərindən olan Əbul-Həsən Əhməd ibn Muhəmməd əs-Sabuni də bu rəyi götürmüşdür.
Əksər alimlərin rəyinə görə, bir kişinin ögey qızı onun anası ilə, sadəcə, nikah bağlamaqla bu kişiyə haram olmur. Qadının anası isə belə deyil, bir kişinin qadınla, sadəcə, nikah bağlaması ilə artıq bu qadının anası kişiyə haram olur. Dörd məzhəb imamları, yeddi fiqh alimləri, habelə sələf və xələf alimlərinin əksəriyyəti bu rəydədirlər.
Kölə qadının başqasından olan qızına gəlincə isə, İbn Abdul-Bərr bu barədə demişdir: “Bir kəsin kölə qadının həm özü ilə, həm də onun qızı ilə yaxınlıq etməsinin haram olması mövzusunda alimlər arasında fikir ayrılığı yoxdur. Çünki Uca Allah bunu nikahda haram etmiş və buyurmuşdur: “...yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız... sizə haram edildi”. Kölə qadınlar da nikahlı qadınlar hökmündədirlər”. (əş-Şovkani “Fəthul-Qadir” 2/113). Heç bir alim və ya onun davamçısı bunun halal olması barədə fətva verməmişdir. İbn Cərir demişdir: “Alimlərin yekdil rəyinə görə, bir kişinin (nikahdan sonra) qadınla tək qalması (xəlvətdə qalması) və qadına toxunmadan, yaxınlaşmadan və ya qadının övrətinə şəhvətlə baxmadan onu boşaması bu qadının qızını ona haram etmir. Bu da dəlalət edir ki, kişinin nikah bağladığı qadınla yaxınlıq etməsi bu qadının qızını ona haram edir”. (ət-Tabəri, 8959, 9018).
Uca Allah buyurur: “Sizə... öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək... haram edildi”, yəni sizin belinizdən gələn oğullarınızın zövcələri ilə evlənmək sizə haram edildi. Uca Allah bu qeydlə (belinizdən gələn) cahiliyyə dövründə insanların oğulluğa götürdüklərini istisna edir. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın” (“əl-Əhzab”, 37).
İbn Əbu Hatim rəvayət etmişdir ki, əl-Həsən ibn Muhəmməd Uca Allahın “oğullarınızın arvadları” və “arvadlarınızın anaları” ayələrini “mubhəm” ayələr adlandırmışdır. (əl-Həsən ibn Muhəmməd mötəbər tabiindir. Atası İbn əl-Hənəfiyyə kimi tanınan Muhəmməd ibn Əli ibn Əbu Talibdir. (Əhməd Şakir). Sonra İbn Əbu Hatim demişdir: “Oxşar söz Tavus, İbrahim, əz-Zuhri və Məkhuldan da rəvayət edilmişdir”. (İbn Əbu Hatim, 5095).
Mən deyirəm: “Mubhəm olmalarının mənası budur ki, bu ayələr həm yaxınlıq edilmiş, həm də edilməmiş arvadları (zövcələri) əhatə edər. Yəni bir kişinin oğlunun bir qadınla, sadəcə, nikah bağlaması ilə bu qadınla evlənmək həmin kişiyə haram olur. Həmçinin kişinin qadınla, sadəcə, nikah bağlaması ilə bu qadının anası ilə evlənmək həmin kişiyə haram olur. Bu, alimlər arasında yekdilliklə qəbul edilmişdir. Əgər soruşulsa ki, bəs bir kişinin arvadının əmizdirdiyi oğlanın arvadı nə səbəbdən kişiyə haram olur, axı bu oğlan onun belindən gəlməmişdir? Necə ki bu, əksər alimlərin rəyidir, hətta bəziləri bu barədə alimlər arasında yekdil rəyin olduğunu söyləmişlər. Cavab belə olacaq: Peyğəmbərin ﷺ bu hədisinə əsasən: “Qan qohumluğu səbəbindən haram olanlar, əmizdirmə ilə də haram olur”. (Əhməd, əl-Buxari, Muslim və başqaları Aişədən rəvayət etmişlər. Həmçinin İbn Abbasdan (Allah onlardan razı olsun) da rəvayət olunur. Bax: “əl-Musnəd” (2490, 2491, 2633). (Əhməd Şakir). əl-Buxari, 2451, 2645).
Uca Allah buyurur: “...və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”, yəni eyni vaxtda iki bacı ilə evlənmək sizə haram edildi. Həmçinin bu hökm kölə qadınlarda da belədir (kişinin sahib olduğu iki kölə bacının hər ikisi ilə yaxınlıq etməsi haramdır). Lakin cahiliyyə dövründə etdiklərinizi keçdik və bağışladıq. Ayədə Uca Allahın keçmişdə olanları istisna etməsi dəlalət edir ki, bu ayədən sonra heç kəs eyni vaxtda iki bacı ilə evlənə bilməz. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Onlar ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar” (“əd-Duxan”, 56). Bu ayə dəlalət edir ki, onlar orada (Cənnətdə) heç vaxt ölümü dadmayacaqlar. Səhabələr, tabiinlər, habelə qədim və yeni alimlərin hamısı yekdil rəy ilə bildirmişlər ki, eyni zamanda iki bacı ilə evli olmaq haramdır. Əgər yeni müsəlman olan bir kişi iki bacı ilə evlidirsə, o kişi seçim etməlidir. Bacılardan birini saxlayıb, digərini isə mütləq boşamalıdır. İmam Əhməd Firuzun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “İslamı qəbul etdiyim zaman iki bacı ilə evli idim. Peyğəmbər ﷺ mənə ikisindən birini boşamamı əmr etdi”. (Əhməd, 18041, 18070, 18205. Şueyb əl-Arnavut isnadının həsən olduğunu ehtimal etmişdir). Hədisi Əbu Davud, ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizinin rəvayəti belədir: “Peyğəmbər ﷺ mənə “İkisindən hansını istəyirsən seç!” dedi”. ət-Tirmizi “Bu, həsən hədisdir” demişdir. (“əl-Musnəd” (4/232 Hələbi nəşri). Bax: “əl-İsabə” (5/214). (Əhməd Şakir). ət-Tirmizi, 1129-1130, 1157-1158. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4662). Firuz əd-Deyləmi (Allah ondan razı olsun) peyğəmbərlik iddiasında olan əl-Əsvəd əl-Ənəsini öldürməyi tapşırılan Yəmən əmirlərindən biri olub.
Ayənin ümumi mənasına görə, eyni zamanda iki kölə bacıya sahib olanın da onların hər ikisi ilə yaxınlıq etməsi haramdır. İbn Əbu Hatim rəvayət etmişdir ki, bir dəfə İbn Məsuddan (Allah ondan razı olsun) eyni zamanda iki kölə bacıya sahib olub onların hər ikisi ilə də yaxınlıq edən kişi barədə soruşdular. O bunun haram olduğunu bildirdi. Soruşan adam İbn Məsuda dedi: “Bəs Uca Allah “Sahib olduğunuz cariyələr istisna olmaqla” buyurmurmu?” İbn Məsud “Dəvən də əlinin altında olan şeylərdəndir” deyə cavab verdi”. (İbn Əbu Hatim, 5099). Bəzi sələflər bu məsələdə susub rəy bildirməsələr də, əksər alimlərdən, dörd məzhəb imamlarından və başqalarından rəvayət olunan məşhur rəy belədir. İmam Malik İbn Şihabdan, o da Qabisa ibn Zueybdən rəvayət etmişdir ki, bir kişi Osman ibn Affandan (Allah ondan razı olsun) kölə olan iki bacının hər ikisi ilə yaxınlıq etməyin icazəli olub-olmaması barədə soruşdu. Osman “Bir ayə bunu halal, digəri isə haram etmişdir. Bu səbəblə mən (ehtiyat üçün) bunu etməyi bəyənmirəm”. Osmanın yanında olan adam oradan çıxdıqdan sonra Peyğəmbərin ﷺ səhabələrindən birinə rast gəldi və bu sualı ona da verdi. Səhabə “Əlimdə səlahiyyət olsa və bunu edən birini görsəm, onu cəzalandırardım” deyə cavab verdi. Malik demişdir: “Mənə oxşar rəvayət əz-Zubeyr ibn əl-Əvvamdan çatmışdır”. (“əl-Muvatta” (səh. 538-539). Osmanın “Bu səbəblə mən (ehtiyat üçün) bunu etməyi bəyənmirəm” sözünə gəlincə, “əl-Muvatta” əsərində sabit olan budur. İbn Kəsirin əlyazmasında və çap olunmuş nüsxədə isə bu cümlənin əvəzinə “Mən bunu qadağan etmirəm” cümləsi işlənmişdir. Bu, sözsüz ki, kitabı köçürənlərin səhvidir. (Əhməd Şakir). Malik, 536, 1122, 1547; əş-Şafii, 1380, 1405; əl-Beyhəqi “Sunənul-Kubra” 14304).
İbn Abdul-Bərr rəvayət etmişdir ki, İyas ibn Amir demişdir: “Bir dəfə mən Əli ibn Əbu Talibdən soruşdum: “Əlimin altında iki kölə bacı var. Onlardan biri ilə yaxınlıq etdim və mənə övladlar dünyaya gətirdi. İndi digərini istəyirəm. Nə edə bilərəm?” Əli “Yaxınlıq etdiyin bacını azad et, sonra digəri ilə yaxınlıq et” dedi. Mən dedim: “Bəzi insanlar yaxınlıq etdiyim bacını başqasına ərə verib, sonra digəri ilə yaxınlıq edə biləcəyimi deyirlər”. Əli dedi: “Əgər onun əri onu boşasa və ya ölsə, yenidən sənə qayıtmış olmurmu? Məncə, onu azad etməyin sənin üçün daha münasib olar”. Sonra Əli mənim əlimdən tutub dedi: “Allahın Kitabında say məhdudiyyəti və ya dörd arvad almaq məsələsi istisna olmaqla azad qadınlar barədə haram olan şeylər, kölələr barədə də haramdır. Allahın Kitabında qohumluq bağlılığı səbəbindən haram olanlar süd qohumluğu ilə də sənə haramdır”. Sonra İbn Abdul-Bərr demişdir: “Bu, uğrunda uzaq səfərə çıxılası bir hədisdir. Əgər gündoğandan və ya günbatandan Məkkəyə və ya başqa bir şəhərə səfərə çıxan şəxs bu hədisdən savayı heç nə əldə etməsə belə, uğursuz səfər etmiş sayılmaz”. (İbn Abdul-Bərr “əl-İstizkər” 5/488, 16/252).
İbn Mərdəveyh rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Cahiliyyə dövrünün insanları atanın arvadı və eyni vaxtda iki bacı ilə evlənmək istisna olmaqla, sizin bu gün haram saydıqlarınızı onlar da haram sayardılar. İslam dini gəldikdə Uca Allah “Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” və “və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir” ayələrini nazil etdi”. (ət-Tabəri, 8938, 8997).
İbn Abdul-Bərr demişdir: “Fəqihlərin hamısı ittifaq etmişlər ki, eyni vaxtda iki bacı ilə nikahda olmaq haram olduğu kimi, iki kölə bacı ilə yaxınlıq etmək də haramdır. Müsəlmanlar Uca Allahın “Sizə analarınız, qızlarınız, bacılarınız,.. haram edildi” ayəsinin mənasının həm nikah, həm də kölə qadınlar üçün eyni olmasında yekdil fikirdədirlər. Həmçinin iki bacı ilə nikahda olmaq, qadınların anaları və ögey qızlarla evlənmək məsələsində nikahda olan və kölə qadınlar həm nəzəri cəhətdən, həm də məntiqlə eyni hökmdədirlər. Əksər alimlərin rəyinə görə, bu, belədir. Bu, əksər alimlərə müxalif olan və onların rəyindən başqa bir rəy verənlərə qarşı bir dəlildir”. (İbn Abdul-Bərr “əl-İstizkər” 16/250).
Uca Allah buyurur: “Sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınları almaq da sizə haram edildi”, yəni evli qadınlarla evlənmək sizə haram edildi. “Sahib olduğunuz cariyələr istisna olmaqla”, yəni əsir alınmaqla ələ keçirdiyiniz kölə qadınların (heyz olmalarını gözləməklə) hamilə olmadıqlarını yəqin etdikdən sonra onlarla yaxınlıq etmək sizə halal edildi. Ayə məhz bu barədə nazil olmuşdur. İmam Əhməd rəvayət etmişdir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Əvtas qəbiləsi ilə döyüşdə (qalib gəldikdən sonra) ərləri olan əsir qadınlar ələ keçirdik. Ərləri olduğu halda, onlarla yaxınlıq etməkdən çəkindik. Biz bu barədə Peyğəmbərdən ﷺ soruşduq və bu ayə nazil oldu: “Sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınları almaq da sizə haram edildi”. Beləliklə, o qadınlarla (iddə müddətləri başa çatdıqdan sonra) yaxınlıq etmək bizə halal edildi”. Hədisi Abdur-Razzəq, Muslim, Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. (Muslim, 2643, 3681; Əhməd, 11691, 11709, 11714; ət-Tabəri, 8970, 9029).
Bəzi sələf alimləri bu ayənin ümumi mənasını götürərək bildirmişlər ki, əri olan kölə qadının satılması artıq onun ərindən boşanması deməkdir. Əksər alimlər isə bəzi sələflərdən gələn bu rəyə qarşı çıxaraq kölə qadının satılmasının onun ərindən boşanması anlamına gəlmədiyini demişlər. Çünki kölə qadını alan kəs, sadəcə, onu satanı əvəz edir. Kölə qadının sahibi öz köləsini satmaqla artıq onu öz mülkiyyətindən çıxarmış sayılır. Bu məsələdə onlar əl-Buxari və Muslimin “Səhih” əsərlərində və digər hədis kitablarında rəvayət edilən Bəriranın hədisinə əsaslanmışlar. Hədisdə bildirilir ki, möminlərin anası Aişə kölə qadın Bəriranı satın alaraq azad etdikdə onun əri (Muğis) ilə olan nikahına xitam verilmədi. Peyğəmbər ﷺ Bəriranı əri ilə olan nikahlarına xitam verilməsi ilə nikahın saxlanması arasında seçim etdirdi və Bərira da nikaha xitam verilməsini seçdi. Bəriranın hekayəsi məşhurdur. (əl-Buxari, 4875, 5283). Əgər onların dedikləri kimi, kölə qadının satılması boşanma sayılsaydı, Peyğəmbər ﷺ Bəriraya seçim etməsini buyurmazdı. Peyğəmbərin ﷺ ona seçim haqqını verməsi nikahın qalmasına dəlalət edir. Ayədə isə yalnız əsir alınmış kölə qadınlar nəzərdə tutulur. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allahın sizə buyurduğu hökmü belədir”, yəni bu haramlar Allahın sizə buyurduğu bir hökmdür. Onun hökmündən və qoyduğu hədlərdən kənara çıxmayın, şəriətinə və vacib etdiyi fərzlərə əməl edin. “Bunlardan başqası ilə, ...evlənməyiniz sizə halal edildi”. Əta və başqaları bu ayə barədə demişlər: “Yəni ayədə zikr edilən məhrəmlərdən (evlənməsi qadağan olunan qohumlardan) başqa qadınlarla evlənmək sizə halal edildi”.
Uca Allah buyurur: “...nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək)...”, yəni mallarınızı sərf etməklə dördə qədər zövcəyə, qanuni yolla əldə etdiyiniz kölə qadınlardan isə istədiyiniz qədərinə sahib ola bilərsiniz. Bu səbəbdən Uca Allah “...nikah bağlamaqla, zinakarlığa yol vermədən...” buyurur.
Uca Allah buyurur: “Evləndiyiniz qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin”, yəni onlardan zövq aldığınız kimi, bunun qarşılığında onlara mehrlərini verin. Uca Allah mehr barədə başqa ayələrdə də belə buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz” (“ən-Nisa”, 21); “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” (“ən-Nisa”, 4); “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz” (“əl-Bəqərə”, 229).
Bəziləri bu ayənin ümumi mənasının siğənin (müvəqqəti nikahın) icazəli olmasına dəlalət etdiyini sanmışlar. Şübhə yoxdur ki, bu növ nikah İslamın əvvəlində qanuni idi, lakin sonradan ləğv edildi. əş-Şafii və bir qrup alimlərin rəyinə görə, müvəqqəti nikah əvvəl icazəli olmuş, sonra ləğv edilmiş, sonra təkrar icazəli olmuş və sonra bir daha ləğv edilmişdir. Beləliklə, iki dəfə icazəli olmuş, sonda ləğv edilmişdir. Bəziləri isə ikidən daha çox sayda icazəli olub, sonra ləğv edildiyini demişlər. Bəziləri isə, sadəcə, bir dəfə icazəli olub, sonra ləğv edildiyini və bundan sonra heç vaxt icazəli olmadığını söyləmişlər. Bu mövzuda əsas dəlil əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət edilən bu hədisdir: Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Xeybər döyüşü günü siğəni və ev eşşəklərinin ətini qadağan etdi”. (əl-Buxari, 4723, 5115; Muslim, 3499, 2511). Muslim “Səhih” əsərində rəvayət etmişdir ki, Səbra ibn Məbəd əl-Cuhəni (Allah ondan razı olsun) Peyğəmbərlə ﷺ birlikdə Məkkənin fəthində iştirak etmişdir. Peyğəmbər ﷺ demişdir: “Ey insanlar, mən sizə qadınlarla siğə etməyə (müvəqqəti nikah bağlamağa) icazə vermişdim. İndi isə bilin ki, həqiqətən, Uca Allah siğəni Qiyamət gününə qədər haram etmişdir. Kimin yanında müvəqqəti nikah bağladığı qadın varsa, onu sərbəst buraxsın! Onlara verdiklərinizdən heç bir şey götürməyin”. Muslimin rəvayətinə görə, bu hadisə vida həccində olmuşdur. (Muslimin “Səhih” əsəri (1/395-396), “əl-Musnəd” (15410, 15413, 15414). (Əhməd Şakir). Muslim, 2502, 3488).
Uca Allah buyurur: “Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz”, yəni qadına bir mehr təyin etdikdən sonra əgər qadın səni bu mehrin hamısından və ya bir hissəsindən azad edərsə, nə sənə, nə də qadına bir günah yoxdur. İbn Abbas (Allah ondan razı olsun) isə demişdir: “Qarşılıqlı razılaşma dedikdə, qadına mehri tam olaraq verdikdən sonra, qalmaqla ayrılmaq arasında seçim etdirmək nəzərdə tutulur”. (ət-Tabəri, 9047, 9106).
Uca Allah buyurur: “Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir”. Bu haramların qoyulmasından sonra Allahın bu iki sifətinin (bilən və hikmət sahibi olmasının) zikr edilməsi son dərəcə münasibdir.
 
ən-Nisa, 25
وَمَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلًا أَنْ يَنْكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بَعْضُكُمْ مِنْ بَعْضٍ فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذَلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ وَأَنْ تَصْبِرُوا خَيْرٌ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
25. Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olmayan kimsə əllərinizin altında olan mömin cariyələrdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Hamınız eyni kökdənsiniz. Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Bu, günaha batmaqdan qorxanlarınız üçündür. Əgər səbir etsəniz, bu sizin üçün daha yaxşı olar. Allah bağışlayandır, rəhmlidir.

 
Uca Allah bu ayədə buyurur: “Sizlərdən kimin “azad mömin qadınlarla evlənməyə imkanı”, yəni maddi imkanı olmasa, “əllərinizin altında olan mömin cariyələrdən alsın”, yəni möminlərin sahib olduqları mömin kölə qadınlarla evlənsin. Sonra Uca Allah ayənin davamında “Allah sizin imanınıza daha yaxşı bələddir. Hamınız eyni kökdənsiniz” buyurur. Yəni O, işlərin həm zahirini, həm də batinini biləndir. Ey insanlar, siz isə işlərin yalnız zahirindən xəbərdar ola bilərsiniz.
Sonra Uca Allah buyurur: “Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin”. Bu ayə dəlalət edir ki, kölə qadının vəlisi onun sahibidir və sahibinin icazəsi olmadan kölə qadın evlənə bilməz. Həmçinin qul kişinin vəlisi də onun sahibidir. Sahibinin izni olmadan qul kişi evlənə bilməz. Necə ki bir hədisdə Peyğəmbərimiz ﷺ demişdir: “Sahibinin icazəsi olmadan evlənən qul zinakardır”. (“əl-Musnəd” (14261, 15091, 15153), Əbu Davud (2078), ət-Tirmizi (2/181-182) Cabirdən rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir. (Əhməd Şakir). Əbu Davud, 2078, 2080. İsnadı həsəndir. Bax: İrvaul-Ğalil, 1933). Əgər kölə qadının sahibi qadın olarsa, bu halda kölə qadını onun sahibinin vəlisi evləndirir. Dəlil isə bu hədisdir: “Qadın qadını evləndirə bilməz, qadın özü-özünü də evləndirə bilməz. Yalnız zinakar qadın özü-özünü evləndirər”. (“əl-Bəqərə” surəsinin 232-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “...və mehrlərini şəriətə müvafiq qaydada verin”, yəni onların mehrlərini könül xoşluğu ilə verin. Kölə olduqları üçün onları aşağı görüb mehrlərini azaltmayın.
Uca Allah buyurur: “...namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə...”, yəni iffətli, özlərini zinadan qoruyan cariyələrlə evlənin. Ayədə “zinakarlıq etməyən” dedikdə onlarla zina etmək istəyənlərin təklifini rədd etməyərək zina edən cariyələr nəzərdə tutulur. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “aşna saxlamayan” sözü barədə demişdir: “Yəni məşuqu olmayanlar”. Əbu Hureyra, Mucahid, əş-Şabi və başqalarından da eyni təfsir rəvayət edilmişdir. əd-Dahhək demişdir: “Məşuqu olan və bunu etiraf edən cariyələrlə evlənməyi Allah qadağan etmişdir”.
Uca Allah buyurur: “Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər”. Qiraət alimləri ayədə keçən أُحْصِنَّ [uhsinnə] “ərə getdikdən” sözünün oxunuşunda ixtilaf etmişlər. Qarilərin bir qismi bu feili bu şəkildə (uhsinnə) – feilin məchul növü formasında oxusalar da, bir qismi أَحْصَنَّ [əhsannə] şəklində – feilin məlum növü formasında oxumuşlar. (İkinci qiraət Əbu Bəkr, Həmzə, və əl-Kisəinin oxunuşudur. Yeddi qaridən digərləri isə birinci qiraətlə oxumuşlar. (Əhməd Şakir). Lakin alimlər hər iki qiraətə görə mənanın eyni olduğunu demişlər. Həmçinin alimlər bu sözün mənasında da ixtilaf etmişlər. Bəzi alimlər burada İslama girdikdən sonra zina etməyin nəzərdə tutulduğunu demişlər (yəni əgər İslama girdikdən sonra zina etsələr, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilir). Bəziləri isə evli olduqdan sonra zina etməyin nəzərdə tutulduğunu demişlər. Bəzi alimlər isə bu iki qiraətin müxtəlif mənalar ifadə etdiyini söyləmişlər. Birinci qiraətə görə məna evlənməkdir. İkinci qiraətə görə isə məna İslama girməkdir. İbn Cərir təfsir kitabında ikinci qiraəti seçmişdir.
Ayədən aydın olan budur ki – ən doğrusunu Allah bilir – burada evlənmək nəzərdə tutulur. Çünki ayənin məzmunu buna dəlalət edir. Belə ki ayədə Uca Allah “Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olmayan kimsə əllərinizin altında olan mömin cariyələrdən alsın...” buyurur. Ayənin məzmunu mömin cariyələrdən bəhs edir. Bununla da aydın olur ki, sonrakı cümlədə ərə getdikdən sonra zina edən cariyələr nəzərdə tutulur. Necə ki İbn Abbas və başqaları ayəni belə təfsir etmişlər.
Uca Allah buyurur: “Bu, günaha batmaqdan qorxanlarınız üçündür”, yəni yuxarıda keçən şərtlər daxilində cariyələrlə evlənmək izni zinaya düşməkdən qorxan, cinsi tələbata qarşı səbir göstərməkdə çətinlik çəkən və bu səbəblə günaha girməkdən qorxanlar üçündür. Bu halda o, kölə qadınla evlənə bilər. Lakin cariyələrlə evliliyi tərk edib, zinaya düşməmək baxımından nəfsi ilə mübarizə aparmaq onun üçün daha yaxşıdır. Çünki əgər kölə qadınla evlənərsə, bu evlilikdən dünyaya gələn uşaqlar qadının ağasının kölələri olacaq. Lakin İmam əş-Şafiinin köhnə rəyinə görə, əgər kölə qadınla evlənən kişi ərəb olarsa, bu halda kölə qadının ondan dünyaya gətirdiyi övladları kölə olmur. Bu səbəbdən Uca Allah “Əgər səbir etsəniz, bu sizin üçün daha yaxşı olar. Allah bağışlayandır, rəhmlidir” buyurur.
Əksər alimlər bu ayəni dəlil gətirərək bildirmişlər ki, kölə qadınlarla evlənməyin icazəli olması üçün azad qadınlarla evlənmək imkanının olmaması və zinaya düşmə qorxusunun olması mütləqdir. Çünki kölə qadınlarla evlənmək doğulacaq uşaqların kölə olmasına səbəbdir. Həmçinin azad qadınları qoyub kölə qadınlara meyil etmək insanlar arasında pis qarşılanır. Əbu Hənifə və onun davamçıları isə əksər alimlərin kölə qadınlarla evlənmək üçün qoyduqları bu iki şərtə müxalif çıxaraq bildirmişlər ki, azad qadınla evli olmayan hər bir kişi istər azad bir qadınla evlənməyə gücü çatsın, istər çatmasın, istər günaha girməkdən qorxsun, istər qorxmasın, mömin və ya Kitab əhlindən (xaçpərəst və yəhudi) olan kölə qadınla evlənə bilər. Bu rəyin istinad etdiyi dəlil isə Uca Allahın bu ayəsidir: “Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərtilə sizə halaldır” (“əl-Maidə”, 5). Bu ayədə keçən “ismətli qadınlar” sözü həm azad, həm də kölə qadınları əhatə edir. Həmçinin aydın görünür ki, bu ayə ümumidir və əksər alimlərin dediklərinə dəlalət edir. Ən doğrusunu isə Allah bilir.
 
ən-Nisa, 26-28
 يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ * وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا * يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
26. Allah sizə şəriət hökmlərini bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
27. Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Ehtiraslarına uyanlar isə sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər.
28. Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.

 
Uca Allah bildirir ki, ey möminlər, Allah bu və digər surələrdə ayələr nazil etməklə sizə halal və haram etdiyi şeyləri açıqlamaq istəyir. Həmçinin “sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək”, yəni onların gözəl yollarına, sevib razı qaldığı şəriətinə tabe olmağınızı “və tövbələrinizi qəbul etmək istəyir”, yəni günah və haramlardan edəcəyiniz tövbələrinizi qəbul etmək istəyir. “Allah hər şeyi biləndir, hikmət sahibidir”, yəni Allah qoyduğu qanunlarda, yazdığı qəzavü-qədərdə, etdiklərində və sözlərində elm və hikmət sahibidir.
Uca Allah buyurur: “Ehtiraslarına uyanlar isə sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər”, yəni şeytana uyan yəhudi, xristian və zina edənlər isə “sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər. Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir”, yəni Allah şəriət əhkamlarında, əmrlərində, qadağalarında və sizin üçün müəyyən etdiyi şeylərdə yüngüllük istəyir. Mucahid və başqalarının dediyi kimi: “Bu səbəbdən sizə cariyələrlə müəyyən şərtlər daxilində evlənməyə icazə verdi”. “Çünki insan zəif yaradılmışdır”, yəni insan nəfsində, iradəsində və qətiyyətində zəif olduğu üçün bu yüngülləşdirmə ona münasibdir. İbn Əbu Hatim rəvayət etmişdir ki, Tavus Uca Allahın “Çünki insan zəif yaradılmışdır” ayəsi barədə demişdir: “Yəni qadınlar məsələsində zəif yaradılmışdır”. (İbn Əbu Hatim, 5177). Vəki isə demişdir: “Qadınların yanında ağlı başından gedər”.
 
ən-Nisa, 29-31
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا * وَمَنْ يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا * إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا
29. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir.
30. Kim düşmənçilik və zülm etməklə bu işləri görərsə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asandır.
31. Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir yerə (Cənnətə) daxil edərik.

 
Uca Allah bu ayədə mömin qullarına bir-birlərinin mallarını öz aralarında haqsızcasına, yəni sələm, qumar və bunlara bənzər şəriətlə icazəli olmayan hiyləli qazanc yolları ilə mənimsəməyi qadağan edir. Bu qazanc yolları hökm baxımından zahirən şəriətə uyğun görünsə də, Uca Allah bu yolun sələmə aparan hiylə olduğunu və buna əl atanın sələm məqsədilə etdiyini bilir. İbn Cərir rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bir kişidən bir paltar alaraq “Əgər xoşum gəlsə götürərəm, xoşum gəlməsə, üstündə bir dirhəm verib onu qaytararam” deyən bir kəs barədə demişdir: “Bu, Uca Allahın “...mallarınızı öz aranızda haqsız yerə yeməyin” ayəsində nəzərdə tutduğu adamdır”. (ət-Tabəri (9142, 9141). İsnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9198).
Uca Allahın “Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla” ayəsində تِجَارَةً [ticə:ratən] “ticarət” sözü həm bu şəkildə təsirlik halında, həm də تِجَارَةٌ [ticə:ratun] şəklində adlıq halda oxunmuşdur. Bu cümlə əlaqəsiz istisna cümləsidir. (Əgər istisna cümləsində “mustəsnə” (istisna olan) və “mustəsnə minhu” (istisna olunan) müxtəlif növlü isimlər olarsa, bu istisna cümləsi “əlaqəsiz” adlanır. Məsələn, müəllimdən başqa bütün tələbələr gəldilər. Burada “mustəsnə” (istisna olan) “müəllimlər”, “mustəsnə minhu” (istisna olunan) isə “tələbələr”dir. Müəllimlər və tələbələr müxtəlifdirlər). Uca Allah bu ayədə bildirir ki, mal qazanmaq üçün haram yollara əl atmayın, lakin satıcı və alıcının qarşılıqlı razılığı ilə baş tutan şəriətə uyğun ticarət edə bilərsiniz. Çalışın bu yolla mal qazanasınız. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Şəriətin icazə verdiyi hallar (cana-can kimi) istisna olmaqla, Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin” (“əl-Ənam”, 151); “Onlar ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar” (“əd-Duxan”, 56).
İmam əş-Şafii bu ayəni dəlil gətirərək alqı-satqının yalnız hər iki tərəfin malı qəbul etməsi ilə etibarlı sayıldığını demişdir, çünki malı qəbul etmək qarşılıqlı razılığa dəlalət edir. Bir tərəfin, sadəcə, malı verib, qarşı tərəfin isə onu götürməsi qarşılıqlı razılığa dəlalət etməyə də bilər. Malik, Əbu Hənifə, Əhməd və onların davamçıları isə bu məsələdə əksər alimlərə müxalif olaraq sözlərin qarşılıqlı razılığa dəlalət etdiyi kimi, əməllərin də bəzi yerlərdə qəti olaraq qarşılıqlı razılığa dəlalət etdiyini və mal mübadiləsi ilə istənilən alış-verişin etibarlı olduğunu demişlər. Bəziləri isə bunu kiçik (dəyəri az olan) mallara və insanların alqı-satqı saydığı hallara xas etmişlər. Bu, məzhəb davamçılarının ehtiyatlı bir rəyidir. Ən doğrusunu Allah bilir.
Alıcı ilə satıcının alış-veriş edilən məclisdə seçim etmələri qarşılıqlı razılığın kamilliyindəndir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər”. (“əl-Musnəd” (4484, 456), İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. ət-Tabəri (9164). (Əhməd Şakir). Muslim, 2825, 3937; əl-Buxari, 1937, 1940, 2079, 2082). əl-Buxarinin rəvayəti isə belədir: “İki adam alış-veriş etdikdə bir-birlərindən ayrılanadək hər biri ixtiyar sahibidir”. (əl-Buxari (4/279 Fəthul-Bari), İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin Muslim (1/447) və Əhməd (6006) eyni mətnlə rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 1970, 2112). əş-Şafii, Əhməd və onların davamçıları, habelə sələf və xələf alimlərinin əksəriyyətinin söylədikləri rəy də bu hədisin mənasına uyğun gəlir.
Uca Allah buyurur: “...və özünüzü öldürməyin”, yəni Allahın haram buyurduqlarını və günah saydığı əməlləri etməklə, habelə bir-birinizin mallarını öz aranızda batil yollarla yeməklə özünüzü öldürməyin. “Həqiqətən, Allah sizə qarşı rəhmlidir”, yəni, şübhəsiz ki, Allah, əmr etdiyi və qadağan etdiyi şeylərdə sizə qarşı rəhmlidir.
İmam Əhməd Amr ibn əl-Asdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Peyğəmbər ﷺ məni Zətus-Səlasil (Zətus-Səlasil Şam tərəfdə yerləşən yer adıdır. Amr ibn əl-Asın rəhbərliyi ilə hicrətin 8-ci ilində bu yerdə döyüş baş vermişdir). döyüşündə orduya başçı təyin edib döyüşə yolladı. Soyuq bir gecədə boynuma cənabət qüslu düşdü və qüsl etsəm, həlak olacağımdan qorxduğum üçün təyəmmüm edib yoldaşlarıma Sübh namazını qıldırdım. Qayıtdıqdan sonra bu barədə Peyğəmbərə ﷺ xəbər verdikdə o soruşdu: “Ey Amr, cənabətli halda yoldaşlarına namaz qıldırmısan?” Mən dedim: “Ey Allahın Elçisi, mən soyuq bir gecədə cunub oldum və qüsl etsəm, həlak olacağımdan qorxdum. Sonra Uca Allahın “...özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir” ayəsini xatırladım və təyəmmüm edib namaz qıldım”. Peyğəmbər ﷺ gülümsədi və heç nə demədi”. Hədisi Əbu Davud rəvayət etmişdir. (“əl-Musnəd” (4/203-204 Hələbi nəşri); Əbu Davud (334-335). (Əhməd Şakir). Əbu Davud, 334. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 154). İbn Mərdəveyh bu ayənin təfsirində Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda bu dəmir parçasını daim qarnına soxar və orada əbədi olaraq qalar. Kim zəhər içib özünü öldürərsə, Cəhənnəm odunda o zəhəri əlində tutub həmişə zəhər içər və orada əbədi olaraq qalar. Kim özünü dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan aşağı atar və orada əbədi olaraq qalar”. Bu hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində də mövcuddur. (“əl-Musnəd” (16456, 16463); əl-Buxari (3/180, 10/389, 428, 11/468, 469 Fəthul-Bari); Muslim (1/42). (Əhməd Şakir). Muslim, 158, 313). Həmçinin Sabit ibn əd-Dahhəkdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Kim hər hansı bir şey ilə öz canına qəsd edərsə, Qiyamət günü həmin şey ilə ona əzab verilər”. (əl-Bəzzər, 3520. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5404). Bu hədisi mötəbər hədis alimləri öz kitablarında rəvayət etmişlər. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Cundub ibn Abdullah əl-Bəcəlidən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Sizdən əvvəl yaşamış insanlar arasında bir nəfər yaralandı. Adam ağrıya dözmədiyindən bıçaq götürüb əlini kəsdi və çoxlu qan itirib öldü. Uca Allah buyurdu: “Qulum canına qəsd etməklə Məni qabaqlamaq istədi, Mən də Cənnəti ona haram etdim!” (əl-Buxari (3/180, 6/362 Fəthul-Bari); Muslim (1/43); “əl-Musnəd” (4/312 Hələbi nəşri). (Əhməd Şakir). əl-Buxari, 3204, 3463).
Bu səbəbdən Uca Allah “Kim düşmənçilik və zülm etməklə bu işləri görərsə, ...” buyurur. Yəni kim Allahın qadağan etdiyi bir şeyi düşmənçilik və zülm etməklə haram olduğunu bilərək çəkinmədən edərsə, “Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asandır”. Bu, şiddətli bir təhdid və qüvvətli bir qorxutmadır ki, dinləməyə hazır durub diqqətlə qulaq asan hər bir ağıl sahibi bundan çəkinsin.
Uca Allah buyurur: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir yerə daxil edərik”, yəni sizə qadağan etdiyimiz böyük günahlardan uzaq dursanız, biz sizin kiçik günahlarınızdan keçərik və sizi Cənnətə daxil edərik. Bu səbəbdən Uca Allah “sizi şərəfli bir yerə daxil edərik” buyurur. ət-Tabəri Ənəsin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Rəbbimizdən bizə çatan buyuruqlar arasında bizi ailəmizdən və malımızdan məhrum edəcək heç bir şey görmədim”. (Yəni Rəbbimizdən bizə çatan buyuruqlar arasında yerinə yetirilməsi çətin olan heç bir şey yoxdur). Sonra bir müddət susdu və dedi:  “Allaha and olsun ki, Allah bizə bundan daha yüngül olanı buyurmuşdur. Böyük günahlardan başqa, kiçik günahları bizə keçmişdir. Elə isə nə üçün böyük günah edək?” Sonra bu ayəni oxudu: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir yerə daxil edərik”. (ət-Tabəri (9231). İsnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9231, 9285).
Bu ayə ilə əlaqədar bir çox hədis varid olmuşdur. Bu hədislərdən bəzilərini qeyd edək (əl-Hafiz İbn Kəsir burada bir çox hədisləri qeyd etmişdir. Biz isə qeyd olunanlarla kifayətləndik).: ət-Tabəri Əbu Hureyra və Əbu Səiddən (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, bir gün Peyğəmbər ﷺ bizə xütbə verdi və xütbəsində üç dəfə “Canım əlində olana and içirəm” deyərək başını aşağı salıb ağladı. Biz də başımızı aşağı salıb ağladıq. Peyğəmbərin ﷺ nəyə görə and içdiyini bilmirdik. Sonra başını qaldırdı. Üzündə bir sevinc və müjdə vardı. Peyğəmbəri ﷺ belə halda görmək bizə qırmızı dəvələrdən daha sevimli idi. Sonra belə dedi: “Beş vaxt namazı qılan, Ramazan orucunu tutan, zəkat verən və yeddi böyük günahdan çəkinən elə bir qul yoxdur ki, ona Cənnət qapıları açılaraq “Sağ-salamat daxil ol!” deyilməsin”.  Hədisi ən-Nəsəi, əl-Hakim və İbn Hibban “Səhih” əsərində rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. (ət-Tabəri (9185). (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 2395, 2438; əl-Hakim, 2943. Hədis zəifdir. Bax: Daif ət-Tərğib vat-Tərhib, 210, 452).
 
Hədisdə sadalanan edilən yeddi böyük günahın açıqlaması
 
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Həlakedici yeddi günahdan çəkinin!” (Səhabələr) soruşdular: “Nədir onlar, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Allaha şərik qoşmaq (Allaha şərik qoşmaq – Allaha aid olan ibadət növlərindən (dua, səcdə, təvaf, qurban və s.) hər hansı birini Allahdan qeyrisinə yönəltməkdir. Uca Allah Qiyamət günü hüzuruna bu günahla gələni əsla bağışlamayacaq. Digər böyük günahları isə istədiyi kəsə bağışlaya bilər. Uca Allah bu xüsusda buyurur: “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur” (“ən-Nisa”, 48)., sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək”. (əl-Buxari (5/294, 12/160 Fəthul-Bari); Muslim (1/377). (Əhməd Şakir). əl-Buxari, 2560, 2766, 6351, 6857; Muslim, 129, 272). Hədisdə bu yeddi əməlin böyük günah olaraq qeyd edilməsi bunlardan başqa böyük günahların olmaması anlamına gəlmir, lakin “məfhumul-ləqab” (“Məfhumul-ləqab” üsuli-fiqh qaydalarından biridir. Bu qaydaya əsasən, ayə və ya hədisin dəlalət etdiyi hökm yalnız bu hədisdə və ya ayədə adları keçən növlərə aiddir, digər şeylərə aid deyil. Bu qaydanı götürən alimlərə görə, böyük günahlar yalnız bu hədisdə adları keçən yeddi əməldir. Bunlardan başqaları böyük günah sayılmır. Fiqh alimləri bu qaydanın doğru olub-olmamasında ixtilaf etmişlər. Üstün rəyə görə, bu qayda heç də həmişə tətbiq olunmur və ayənin və ya hədisin dəlalət etdiyi hökm ayədə və ya hədisdə qeyd olunanlardan başqalarını da əhatə edə bilər). qaydasına əməl edənlərin rəyinə görə, böyük günahlar yalnız bunlardır. Halbuki dəlil olmadan bu qaydanı tətbiq etmək zəif rəydir. Xüsusilə də bu qaydanın doğru olmadığını göstərən dəlil varsa. (Əslində, burada “Məfhumul-ləqab” qaydası deyil, “Məfhumul-ədəd” qaydası tətbiq olunmalıdır. Bu qaydaya əsasən, ayə və ya hədisin dəlalət etdiyi hökm yalnız bu hədisdə və ya ayədə qeyd olunan sayla məhdudlaşır. “Məfhumul-ədəd” qaydasına müəyyən şərtlər daxilində (əgər say çoxluğu və ya mübaliğə bildirmək üçün qeyd olunmamışsa, habelə say məhdudiyyətinin nəzərdə tutulmadığını bildirən dəlil olduqda) əməl olunur. “Məfhumul-ədəd” qaydasına əməl olunmadığını deyənlərin cavabı zəifdir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində “Məfhumul-ədəd” qaydasına əməl olunmadığını bildirərək Peyğəmbərin ﷺ bu hədisdə yeddi böyük günahı qeyd edib, digər hədislərdə isə başqa günahları da əlavə etməsinə bir çox cavablar vermişdir. Bu cavablardan ikisi nisbətən qəbul olunandır: Birinci cavab: Peyğəmbər ﷺ əvvəlcə səhabələrinə bu yeddi əməlin böyük günah olduğunu öyrətmiş, sonra isə digər günahları da əlavə etmişdir. Bu səbəbdən əlavə olunanları da götürmək lazımdır. İkinci cavab: Peyğəmbər ﷺ sual verənin halına və ya baş verən hadisəyə uyğun olaraq müəyyən sayda günahı qeyd etmişdir. (Əhməd Şakir). Belə ki, bu yeddi günahdan başqa böyük günahların olduğunu isbat edən başqa hədisləri də qeyd edəcəyik. Bu hədislərdən birini əl-Hakim Umeyr ibn Qatədədən (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisdə deyilir ki, Peyğəmbər ﷺ vida həccində demişdir: “Bilin ki, Allahın dostları fərz edilən beş vaxt namazı qılanlar, Ramazan ayını oruc tutaraq savabını Allahdan umanlar və bunu üzərlərində bir haqq olaraq görənlər, savabını Allahdan umaraq malının zəkatını verənlər və Allahın qadağan etdiyi böyük günahlardan çəkinənlərdir”. Sonra bir nəfər Peyğəmbərdən ﷺ “Ey Allahın Elçisi, böyük günahlar hansılardır?” deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, döyüş meydanından qaçmaq, yetimin malını yemək, sələm yemək, ismətli evli qadını zinada ittiham etmək, mömin valideynlərin üzünə ağ olmaq, sehrbazlıq və həm sağ ikən (namazlarda), həm də ölü ikən (qəbirdə) qibləniz olan Beytul-Haramı halal saymaq. Bu böyük günahları etmədən namaz qılaraq və zəkat verərək ölən şəxs qızıldan tikilmiş bir evdə Peyğəmbərlə ﷺ birlikdə olacaq”. əl-Hakim hədisi bu şəkildə uzun rəvayət etmişdir. Əbu Davud və ən-Nəsəi isə bu hədisi müxtəsər olaraq rəvayət etmişlər. İbn Əbu Hatim hədisi geniş şəkildə rəvayət etmişdir. əl-Hakim demişdir: “Abdul-Həmid ibn Sinandan başqa hədisin sənədindəki bütün ravilər əl-Buxari və Muslimin “Səhih” əsərlərində adları keçən ravilərdir”. Mən deyirəm: “Abdul-Həmid ibn Sinan Hicazlıdır. Yalnız bu hədislə tanınır. İbn Hibban onun adını özünün “əs-Siqat” (Mötəbər ravilər) əsərində qeyd etmişdir. əl-Buxari isə onun barəsində “Hədisləri şübhəlidir” demişdir”. (əl-Hakim (1/95). əz-Zəhəbi Abdul-Həmid ibn Sinanın məchul olduğunu bildirmişdir. əl-Hakim hədisi bir daha başqa bir yerdə (4/259-260) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. Burada əz-Zəhəbi onunla razılaşmış və etiraz etməmişdir. Həmçinin ət-Tabəri (1989) başqa bir isnadla rəvayət etmişdir. Bu isnadda zəif bir ravi və ravilər arasında əlaqə kəsikliyi vardır. (Əhməd Şakir). əl-Hakim, 197, 7666. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 690).
Taysələ ibn Məyyasın belə dediyi rəvayət edilir: “Xavariclərlə birlikdə idim. Böyük günahlardan sandığım bəzi əməllər etdim. Bir dəfə İbn Ömərlə qarşılaşdım və ona “Mən bəzi günahlar etmişəm və onların böyük günahlardan olduğunu sanıram” dedim. İbn Ömər “Hansı günahları etmisən?” deyə soruşdu. Mən “(Günahları sayaraq) belə-belə etmişəm” dedim. İbn Ömər dedi: “Bunlar heç də böyük günahlardan deyil”. Mən “Üstəlik belə-belə etmişəm” dedim. İbn Ömər “Böyük günahlardan deyil” dedi. (Taysələ etdiyi günahların adlarını çəkmədi). Sonra İbn Ömər dedi: “Böyük günahlar doqquzdur. İndi mən onları sənə sayacağam: Allaha şərik qoşmaq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, döyüş meydanından qaçmaq, ismətli evli qadını zinada ittiham etmək, sələm yemək, yetimin malını haqsız yemək, Məscidul-Haramda böyük günah etmək, sehr etmək (və ya etdirmək), valideynlərin üzünə ağ olmaqla onları ağlatmaq”. Taysələ dedi: “İbn Ömər mənim qorxumu gördükdə “Cəhənnəmə girməkdən qorxursanmı?” deyə soruşdu. Mən “Bəli” dedim. İbn Ömər dedi: “Cənnətə girmək istəyirsənmi?” Mən “Bəli” dedim. İbn Ömər “Valideynlərin sağdırmı?” deyə soruşdu. Mən “Bəli, anam yanamdadır” dedim. İbn Ömər dedi: “Allaha and olsun ki, əgər sən onunla mülayim davransan, onu yedirtsən və əzabı vacib edən günahlardan çəkinsən, mütləq Cənnətə girərsən”. (ət-Tabəri (9187). İsnadı səhihdir. Həmçinin, əl-Buxari “Ədəbul-Mufrad” (8) əsərində səhih isnadla müxtəsər olaraq rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari “Ədəbul-Mufrad” 8. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 6).
İmam Əhməd rəvayət etmişdir ki, Əbu Əyyub (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allaha heç bir şeyi şərik qoşmadan ibadət edərsə, namaz qılarsa, zəkat verərsə, Ramazan orucunu tutarsa və böyük günahlardan çəkinərsə, ona Cənnət var – və ya Cənnətə girər. Bir kişi “Böyük günahlar hansılardır?” deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Allaha şərik qoşmaq, müsəlman insanın canına qəsd etmək və döyüş günü döyüş meydanından qaçmaqdır”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (“əl-Musnəd” (5/413-414 Hələbi nəşri); ət-Tabəri (9224). əs-Suyuti (2/146) hədisi əlavə olaraq İbn əl-Munzirə, İbn Hibbana və əl-Hakimə nisbət etmişdir. əl-Hakim hədisin səhih olduğunu bildirmişdir. (Əhməd Şakir). Əhməd, 23506, 23553, 23898. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir).
İmam Əhməd rəvayət etmişdir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər ﷺ böyük günahlar barədə danışdı və ya Peyğəmbərdən böyük günahlar barədə soruşduqda belə dedi: “Böyük günahlar – Allaha şərik qoşmaq, bir şəxsi öldürmək və valideynlərin üzünə ağ olmaqdır”. Sonra Peyğəmbər ﷺ “Sizə günahların ən böyüyü barədə xəbər verimmi?” deyə soruşdu. Səhabələr “Bəli” deyə cavab verdilər. Peyğəmbər ﷺ “Yalan söz danışmaqdır – və ya yalandan şahidlik etməkdir” dedi”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (“əl-Musnəd” (12363); ət-Tabəri (9219, 9220, 9221). (Əhməd Şakir). Əhməd, 12336, 12358. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4604). Yenə əl-Buxari ilə Muslimin Əbu Bəkradan (Əbu Bəkra – Nəfi ibn əl-Həris əs-Səqifidir. Əlyazmada və çap olunmuş nüsxədə Əbu Bəkr yazılmışdır. Bu isə səhvdir. Həmçinin hədisi Əhməd üç yerdə rəvayət etmişdir (5/36-38 Hələbi nəşri). (Əhməd Şakir). (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyilir: “Peyğəmbər ﷺ “Sizə günahların ən böyüyü barədə xəbər verimmi?” deyə soruşdu. Səhabələr “Bəli, ey Allahın Elçisi!” deyə cavab verdilər. Peyğəmbər ﷺ “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır” dedi. (Bunu deyəndə) o söykənmişdi. Sonra qalxıb oturdu və “Yalan söz danışmaqdır” dedi. O bunu o qədər təkrar etdi ki, biz (bir-birimizə) “Nə olaydı, susaydı!” dedik”. (Onlar Peyğəmbərin ﷺ halına yandıqlarından, o həyəcanlanmasın deyə belə dedilər. 2460, 2654, 5519, 5976; Muslim, 126, 269).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə Peyğəmbərdən ﷺ “Hansı günah Allah yanında ən böyük günah sayılır?” deyə soruşdum. Peyğəmbər ﷺ dedi: “Səni yaratmış olduğu halda Allaha başqa birisini tay tutmağındır!” Mən “Doğrudan da, bu, böyük günahdır” dedim, sonra yenə soruşdum: “Bəs sonra hansıdır?” O dedi: “Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürmək!” Mən soruşdum: “Sonra hansıdır?” O dedi: “Qonşunun zövcəsi ilə zina etmək!” Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (“əl-Furqan”, 68-70)”. (ət-Tabəri (9227, 9228); Əhməd (3612, 4223). (Əhməd Şakir). əl-Buxari, 5542, 6001; Əbu Davud, 2312; ən-Nəsəi “Sunən” 3950, 4015).
İmam Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Günahların ən böyüyü Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq və ya bir cana qəsd etmək (Şöbə şəkk etmişdir) və yalan danışdığını bildiyin halda and içməkdir”. Hədisi əl-Buxari, ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. (“əl-Musnəd” (6884); ət-Tabəri (9222, 9223). (Əhməd Şakir). Əhməd, 6884. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4601).
əl-Buxari Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ “Günahların ən böyüyü bir nəfərin öz valideynlərini lənətləməsidir” dedi. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, insan öz valideynlərini necə lənətləyə bilər?” Peyğəmbər ﷺ buyurdu: “Bir nəfər başqa birisinin ata-anasını söyər, o da qayıdıb onun ata-anasını söyər”. Oxşar hədisi Muslim də rəvayət etmişdir. ət-Tirmizi hədisin səhih olduğunu bildirmişdir. (“əl-Musnəd” (6529, 6840, 7029). (Əhməd Şakir). Muslim, 130, 273; əl-Buxari, 5516, 5973). “Səhih” əsərində rəvayət olunan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Müsəlmanı söymək günahdır. Onu öldürmək isə küfrdür”. (Hədisi Əbu Davuddan başqa yerdə qalan digər beş hədis kitablarının müəllifləri İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədis “əl-Bəqərə” surəsinin 197-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əbu Davud Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, müsəlman kişinin namusuna haqsız yerə dil uzatmaq günahların ən böyüyüdür, bir söyüşə iki söyüşlə qarşılıq vermək isə böyük günahdır”. Hədisi İbn Əbu Hatim və İbn Mərdəveyh rəvayət etmişlər. (Əbu Davud (4877). İsnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 4877. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3950).
İbn Əbu Hatim rəvayət etmişdir ki, Əbu Qatədə əl-Adəvi demişdir: “Bir dəfə bizə Ömərin məktubu oxundu. Məktubda deyilirdi: “Üzrsüz səbəbdən iki namazı birləşdirmək, döyüş meydanından qaçmaq və soyğunçuluq etmək böyük günahlardandır”. Bu hədisin isnadı səhihdir. (İbn Əbu Hatim, 5208).
Burada nəzərdə tutulan budur ki, əgər hədisdə qeyd olunan təhdid Zöhrlə Əsr, həmçinin Məğriblə İşa kimi iki namazı gecikdirmək və ya tezləşdirməklə (“Tezləşdirməklə birləşdirmək” dedikdə sonrakı namazı tezləşdirib əvvəlki ilə eyni vaxtda qılmaq, “gecikdirməklə birləşdirmək” dedikdə isə bir namazı gecikdirib sonrakı namazla eyni vaxtda qılmaq nəzərdə tutulur. Üzrlü səbəb olduqda isə bu birləşdirmənin hər ikisi icazəlidir). səbəbsiz yerə birləşdirənə aiddirsə və belə edən böyük günah sahibidirsə, o zaman namazı təmamilə tərk edənin halı necədir?! Halbuki, bu iki namazı yalnız şəriətlə icazə verilən hallarda (səfər, yağış, təhlükə və ya xəstəlik kimi üzrlü hallarda) birləşdirmək olar.
Bu səbəbdən Muslim “Səhih” əsərində Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Qul ilə şirk arasında namazı tərk etmək durur”. (Muslim (1/36) Cabirdən rəvayət etmişdir. Muslimin rəvayəti belədir: “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək durur”. (Əhməd Şakir). Muslim, 116-117, 256-257). “Sunən” əsərlərində rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: ”Bizimlə onlar (münafiqlər) arasında olan əhd namazdır. Kim namazı tərk edərsə, artıq küfr (Namazın vacibliyini inkar edərək onu tərk edən şəxs müsəlman alimlərinin yekdil fikrinə əsasən kafir sayılır. Yalnız İslam dinindən yenicə xəbər tutmuş və müsəlmanlara qaynayıb-qarışmayan, beləliklə də, namazın vacib buyurulduğundan xəbərsiz olan kimsələr istisnadır.
Namaz qılmağın vacib olduğunu bildiyi halda səhlənkarlığı üzündən namazı tərk edən kimsəyə gəlincə, alimlər onun kafir olub-olmaması barəsində ixtilaf etmişlər. Cumhur (əksər) alimlər – İmam Əbu Hənifə, Malik, əş-Şafii və Əhmədin iki rəyindən biri, habelə qədim və müasir alimlərdən bir çoxları, tənbəlliyi üzündən namazı tərk edən kimsəni kafir saymamışlar və onun böyük günah sahibi olduğunu demişlər.
Səhlənkarlıq üzündən namazı tərk edəni kafir saymayan alimlər hədisdə keçən “küfr” sözünü İslamdan çıxarmayan kiçik küfr kimi açıqlamışlar. Peyğəmbərimiz ﷺ bir çox günahları küfr adlandırmış, lakin bununla İslamdan çıxaran küfrü nəzərdə tutmamışdır. Həmçinin burada da “küfr” dedikdə İslamdan çıxarmayan kiçik küfr nəzərdə tutulur. Necə ki əvvəl keçən hədisdə “Müsəlmanı söymək günah, onu öldürmək isə küfrdür” deyilir. Alimlərin yekdil rəyinə görə, müsəlmanı öldürən insan kafir olmur). etmişdir”. (ət-Tirmizi (3/360) Bureydədən (Allah ondan razı olsun) rəvayət etmiş və “həsən-səhih-ğarib” olduğunu bildirmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 2621, 2830; ən-Nəsəi “Sunən” 459, 463; İbn Məcə, 1079. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 574). 
İmam Əhməd Sələmə ibn Qeys əl-Əşcaidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ vida həccində (Peyğəmbər ﷺ hicrət etdikdən sonra yalnız bir dəfə həcc etmiş və bu həcc hicrətin onuncu ilində olmuşdur. Bu həccin “vida həcci” adlanmasına səbəb Peyğəmbərin ﷺ bu həcdə səhabələri ilə vidalaşaraq onlara “Ola bilsin ki, bu ildən sonra sizinlə qarşılaşmayım” (ət-Tirmizi, 886) deməsi olmuşdur). demişdir: “Diqqət edin, onlar (böyük günahlar) dörddür; Allaha heç bir şeyi şərik qoşmayın, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməyin, zina etməyin və oğurluq etməyin!” Sələmə demişdir: “Peyğəmbərdən ﷺ özüm eşitdiyim üçün bu sayılanlardan ən çox çəkinən mən idim”. Hədisi ən-Nəsəi və İbn Mərdəveyh də rəvayət etmişlər. (“əl-Musnəd” (4/339-340 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 18990, 19012, 19199. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1759).
İbn Cərir rəvayət etmişdir ki, əl-Həsən (əl-Bəsri) demişdir: “Bir toplum insan Misirdə Abdullah ibn Amrın yanına gəlib dedilər: “Biz Allahın Kitabında bəzi əmrlərin buyurulduğunu, lakin insanlar tərəfindən əməl olunmadığını və tərk edildiyini görürük. Biz bu məsələ ilə bağlı möminlərin əmiri ilə görüşmək (və ondan bu barədə soruşmaq) istəyirik”. Abdullah ibn Amr onlarla birlikdə Ömərin yanına (Mədinəyə) gəldi. Ömər ondan soruşdu: “Nə vaxt gəldin?” Abdullah ibn Amr “Filan vaxtdan bəridir gəlmişəm”. Ömər: “İcazə iləmi gəldin?” deyə soruşdu”. Ravi deyir: “Abdullah ibn Amrın bu suala necə cavab verdiyini bilmirəm”. Sonra Abdullah dedi: “Ey möminlərin əmiri, bir toplum insan Misirdə mənim yanıma gələrək “Biz Allahın Kitabında bəzi əmrlərin buyurulduğunu, lakin insanlar tərəfindən əməl olunmadığını və tərk edildiyini görürük” dedilər. Onlar bu məsələ ilə əlaqəli səninlə görüşmək istədilər. Ömər dedi: “Onları mənim üçün topla!” Abdullah ibn Amr dedi: “Mən onları geniş bir yerdə topladım”. Ömər onların nüfuz baxımından ən aşağı olanına müraciət edərək “Səni Allaha və üzərində olan İslam haqqına and verirəm, düzünü söylə. Quranın hamısını oxumusanmı?” deyə soruşdu. Kişi “Bəli” deyə cavab verdi. Ömər soruşdu: “Quranda buyurulanlara tam əməl edə bilirsənmi?” Kişi “Xeyr” deyə cavab verdi. Əgər kişi “Bəli” desəydi, Ömər onunla mübahisə edərdi və ona qalib gələrdi. Ömər sözünə davam edərək dedi: “Sən Quranda buyurulanları həm gözünlə, həm dilinlə, həm də əməllərinlə tam yerinə yetirə bilirsənmi?” Ömər bu sualı sonuncu adama çatana qədər növbə ilə onların hamısından soruşdu. Sonra dedi: “Ömərin anası vayına otursun! (Bu deyim ərəblərdə qəzəb və ya təəccüb anında deyilən, lakin bəddua nəzərdə tutulmayan ifadələrdəndir. Bu sözü bəzən Peyğəmbərimiz ﷺ də işlətmişdir). Siz ona bütün insanları Allahın Kitabında buyurulanların hamısına tabe etmək vəzifəsini yükləmək istəyirsinizmi?! Rəbbimiz bilir ki, bizim günahlarımız da olacaq. Bu səbəbdən belə buyurur. Sonra Ömər Uca Allahın “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir yerə daxil edərik” ayəsini oxudu və “Mədinə əhalisinin sizin gəlişinizdən xəbəri varmı?” və ya “Mədinə əhalisindən kiminsə sizin gəlişinizdən xəbəri varmı?” deyə soruşdu. Onlar “Xeyr” deyə cavab verdilər. Ömər dedi: “Əgər Mədinə əhalisi sizin gəlişinizdən xəbərdar olsaydı, sizə elə bir cəza verərdim ki, başqaları bundan ibrət alsın”. (Çünki onlar Ömərdən özlərinin də gücü çatmayan bir şeyə insanları məcbur etməyi istəmişdilər. Halbuki Peyğəmbərimiz ﷺ dini çətinləşdirmək deyil, asanlaşdırmağı buyurmuş və demişdir: “Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, nifrət oyatmayın!” (əl-Buxari, 4341-4342). Bu hədisin isnadı səhih, mətni isə yaxşıdır. əl-Həsən hədisi Ömərdən (Allah ondan razı olsun) bilavasitə rəvayət etməsə də, belə bir rəvayətin Ömərdən məşhur olması hədisin qəbul olunmasına kifayətdir. (ət-Tabəri (9230). (Əhməd Şakir). ət-Tabəri, 9284). İbn Əbu Hatim rəvayət etmişdir ki, Tavus belə demişdir: “Bir dəfə İbn Abbasdan soruşdum: “Yeddi böyük günah hansılardır?” İbn Abbas dedi: “Böyük günahlar yeddidən çox yetmişə daha yaxındır”. (ət-Tabəri (9208). ət-Tabərinin və İbn Əbu Hatimin isnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9204, 9258). Eyni hədisi İbn Cərir də rəvayət etmişdir. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Allahın Cəhənnəmlə təhdid etdiyi hər bir asilik böyük günahdır”. (İbn Əbu Hatim, 5215). Səid ibn Cubeyr və əl-Həsən əl-Bəsri də belə demişlər.
Həmçinin İbn Cərir rəvayət etmişdir ki, Əbul-Vəlid demişdir: “Bir dəfə mən İbn Abbasdan böyük günahlar barədə soruşduqda, İbn Abbas dedi: “Allaha asi olunan hər bir şey böyük günahdır”. (ət-Tabəri, 9210, 9264).
Alimlər böyük günahın tərifində ixtilaf etmişlər. Alimlərin bir qismi “Şəriətin cəza tətbiq etdiyi günahlardır” demişlər. Digər bir qismi isə “Kitab və Sünnədə (Quran və hədislərdə) xüsusi olaraq barələrində təhdid gəlmiş günahlardır” demişlər. Başqa təriflər də deyilmişdir.
Əbul-Qasim Abdul-Kərim ibn Muhəmməd ər-Rafii özünün “Şərhul-Kəbir” adlı əsərində “Şahidlik etmə” fəslində demişdir: “Səhabələr və onlardan sonra gələn alimlər böyük günah və böyük günahlarla kiçik günahlar arasındakı fərq mövzusunda ixtilaf etmişlər. Səhabələr böyük günahın izahında müxtəlif təriflər söyləmişlər.
Birinci tərif: Böyük günah şəriət tərəfindən təyin edilmiş cəzanı vacib edən günahlardır.
İkinci tərif: Böyük günah Kitab və Sünnədə (Quran və hədislərdə) sahibi barəsində şiddətli təhdid varid olan günahlardır. Çox vaxt böyük günah sahibləri barədə şiddətli təhdid gəlir. Bu tərif birinciyə yaxındır, lakin ikinci tərif böyük günahın açıqlanması üçün daha uyğundur.
Üçüncü tərif: İmamul-Harameyn (Əbul-Məali Abdul-Məlik ibn Abdullah əl-Cuveyni (419-478 hicri). Üsul, fiqh və əqidə sahəsində bir çox kitabların sahibidir). özünün “əl-İrşad” adlı əsərində və başqaları belə demişlər: “Böyük günah onu edənin dinə etinasının az olduğunu və dindarlığının zəif olduğunu göstərən hər bir günahdır. Bu günah sahibinin ədalət sifətini ortadan qaldırar”. (Yəni bu günahı edən insan fasiq sayılar və dində şahidliyi qəbul olunmaz, çünki şahidliyin qəbul olunması üçün ədalətli olmaq şərtdir. Uca Allah buyurur: “Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin” (“ət-Talaq”, 2).
Dördüncü tərif: Qazi Əbu Səid əl-Həravi demişdir: “Böyük günah Quranda haram olması bildirilən hər bir əməl, ölüm və ya başqa bir cəzanı vacib edən hər bir günah, dərhal yerinə yetirilməsi əmr edilən hər hansı bir fərz əməli tərk etmək, şahidlikdə, hədis rəvayət etməkdə və andda yalan danışmaqdır”. Bu tərifdə qeyd olunanlar böyük günahı daha da dəqiqləşdirmək məqsədi daşıyır.
Sonra Qazi Əbu Səid böyük günahlar barədə təfsilatlı məlumat verərək demişdir: “Böyük günahlar yeddidir: nahaq yerə cana qəsd etmək, zina etmək, livat (homoseksuallıq), sərxoşedici içki içmək, oğurluq etmək, başqasının malını zorla ələ keçirmək, ismətli insana böhtan ataraq onu zinada ittiham etmək”. Qazi Əbu Səid həmçinin “əş-Şəmil” adlı əsərində qeyd olunanlara yalandan şahidlik etməyi də əlavə etmişdir. “əl-Uddə” əsərinin müəllifi isə qeyd olunanlara bunları da əlavə etmişdir: “Sələm yemək, üzrsüz səbəbdən Ramazanda orucu açmaq, yalandan and içmək, qohumluq əlaqələrini kəsmək, valideynlərin üzünə ağ olmaq, döyüş meydanından qaçmaq, yetimin malını yemək, ölçüdə və çəkidə aldatmaq, üzrsüz olaraq namazı vaxtından əvvəl və ya vaxtından sonra qılmaq, haqsız yerə bir müsəlmanı vurmaq, qəsdən Peyğəmbərin ﷺ adından yalan danışmaq, Peyğəmbərin səhabələrini söymək, üzrsüz olaraq şahidlikdən boyun qaçırmaq (və ya şahidliyi gizlətmək), rüşvət almaq, haram əlaqə qurmaq üçün kişilərlə qadınlar arasında vasitəçi olmaq, sultanın yanında (yaltaqlıq məqsədilə) xəbərçilik etmək, zəkat verməkdən imtina etmək, gücü çatdığı halda yaxşı işlər görməyi buyurub pis işlərdən çəkindirməyi tərk etmək, Quranı öyrəndikdən sonra onu unutmaq, bir canlını yandırmaq, səbəbsiz olaraq bir qadının əri ilə yaxınlıq etməkdən imtina etməsi, Allahın rəhmətindən ümidini kəsmək və Allahın əzabından ehtiyat etməmək”. Alimlərə və Quran hafizlərinə dil uzatmağın da böyük günahlardan olduğu deyilmişdir. Zihar etmək, (Zihar etmək bir kişinin zövcəsinə “Sən bu gündən mənə anam kimisən” deməklə onunla yaxınlıq etməyi özünə haram etməsidir. Cahiliyyə dövründə ərəblər zövcələrinə qəzəbləndikdə belə deməklə onlara əziyyət verərdilər. Zihar edilmiş qadın ərə gedə bilməzdi, əri də onunla yaxınlıq etməzdi. Uca Allah “əl-Mucadilə” surəsini nazil etməklə bu əməli qadağan etdi və belə edən kişilərin üzərinə kəffarə vacib etdi. Uca Allah buyurur: “Qadınlarını anaya bənzədib onları özlərinə haram edən, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. Buna imkan tapa bilməyən kəs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın qoyduğu hüdudlardır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir” (“əl-Mucadilə”, 4-5). zərurət halı istisna olmaqla donuz əti və leş yemək də böyük günahlardandır. ər-Rafii demişdir: “Bu qeyd olunanların bəzilərinin böyük günah olmaması da mümkündür”.
Mən deyirəm: “Bir çox alimlər böyük günahlar barədə müstəqil kitablar yazmışlar. Bu alimlərdən biri də şeyximiz əl-Hafiz Əbu Abdullah əz-Zəhəbidir. O, yazdığı kitabda yetmişə qədər böyük günahı qeyd etmişdir. Əgər İbn Abbas və başqalarının dediyi kimi, Allahın Cəhənnəm əzabı ilə təhdid etdiyi günahların böyük günah olduğu deyilsə, o zaman çox sayda günahları böyük günahlara aid etmək olar. Əgər Allahın qadağan etdiyi hər şeyin böyük günah olduğu deyilsə, bunlar olduqca çoxdur. Ən doğrusunu isə Allah bilir”.
 
ən-Nisa, 32
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
32. Allahın sizi bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi bilir.

 
İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, nə üçün kişilər Allah yolunda döyüşə gedir, biz qadınlar isə getmirik və bizə onlara düşən mirasın yarısı çatır?” Uca Allah da “Allahın sizi bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın” ayəsini nazil etdi”. Hədisi ət-Tirmizi də rəvayət etmiş və “ğarib” olduğunu bildirmişdir. Həmçinin İbn Əbu Hatim, İbn Cərir, İbn Mərdəveyh və əl-Hakim rəvayət etmişlər. (“əl-Musnəd” (6/322 Hələbi nəşri); ət-Tirmizi (4/88); əl-Hakim (2/305-306); ət-Tabəri (9236, 9237, 9241). Hədis səhihdir, isnadı bitişikdir. (Əhməd Şakir). Əhməd, 26272, 26736, 26779; ət-Tirmizi, 3295; əl-Hakim, 3195. Hədisin isnadı səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 3022).
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir qadın Peyğəmbərin ﷺ yanına gələrək soruşdu: “Ey Allahın Elçisi, kişilərə iki qadının payı qədər miras düşür, (borc məsələsində) iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Bizim etdiyimiz əməllər də belədirmi? Saleh əməl edən qadına savabın yarısımı yazılır?” Bu səbəbdən Uca Allah “Allahın sizi bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın” ayəsini nazil etdi. Yəni belə etməyim (bəzi şəriət əhkamlarında qadınla kişi arasında fərq qoymağım) Mənim tərəfimdən verilmiş ədalətli bir qərardır və bunu Mən belə etdim”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. Hədisi başqa mənbələrdə tapmadım. (Əhməd Şakir). İbn Əbu Hatim, 5223. Ali Nasr isnadının həsən olduğunu bildirmişdir). İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Heç kəs təmənna edib “Kaş filankəsin mal-dövləti və ya əhli-əyalı mənim olaydı!” deməsin, çünki Allah bunu qadağan etmişdir. Qoy o kimsə Allahdan Onun lütfünü diləsin!” (İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan bu əsəri ət-Tabəri (9238), İbn əl-Munzir və İbn Əbu Hatim rəvayət etmişlər. Bax: “əd-Durrul-Mənsur” (2/149). (Əhməd Şakir). İbn Əbu Hatim, 5226). əl-Həsən, Muhəmməd ibn Sirin, əd-Dahhək və Əta da ayəni buna bənzər şəkildə təfsir etmişlər. Ayənin zahirindən də bu məna aydın olur. Bu təfsir ”Səhih” əsərində varid olan bu hədislə ziddiyyət təşkil etmir: “Yalnız iki şəxs qibtə olunmağa layiqdir: O şəxs ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu Allah yolunda lazımi yerlərə xərcləyir. Onu görən adam deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim (Hədisdə qeyd olunan qibtə olunmağa ən çox layiq olan ikinci şəxs isə “Allah ona Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Qonşusu bunu eşidib deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim”. (Əhməd (10218, 10219); əl-Buxari (9/65-66, 13/419). Hər ikisi Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 4638, 5026). Bunların hər ikisi eyni savabı qazanır. (Biri etdiyinə görə savab qazanır, digəri isə niyyətinə görə eyni savabı qazanır, çünki əməllər niyyətlərə görədir). Çünki bu ayədə qadağan edilən şeyə aid deyil. Hədis bir kəsdə olan nemətin bənzərini təmənna etməyə rəğbətləndirir. Ayədə isə Uca Allah bir kəsdə olan nemətin özünün olmasını təmənna etməyi qadağan edir və buyurur: “Allahın sizi bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın”, yəni dünya işlərində Allahın sizi bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Lakin Ummu Sələmə və İbn Abbasın (Allah onlardan razı olsun) hədisləri dəlalət edir ki, dini işlərdə də bu belədir.
Sonra Uca Allah buyurur: “Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır”, yəni hər birinin öz əməlinə görə qarşılığı və mükafatı vardır. Xeyir əməl edənə xeyirlə, pis əməl edənə isə pisliklə qarşılıq veriləcəkdir. Bu təfsir İbn Cərirə aiddir. Bəzi təfsirçilər burada mirasın nəzərdə tutulduğunu demişlər. Yəni hər kəs ölüyə yaxınlığına görə miras alacaqdır. Bu təfsiri ət-Tirmizi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir.
Sonra Uca Allah qullarını onlara fayda verəcək əmələ yönəldərək “Allahdan, Onun lütfünü diləyin” buyurur. Yəni Allahın sizi bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Çünki bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Bu kimi şeylərə tamah salmaq heç bir fayda verməz. Siz Mənim lütfümü diləyin ki, Mən də sizə verim. Çünki, həqiqətən, Mən Səxavətliyəm və bol-bol, əvəzsiz Bəxşedənəm.
ət-Tirmizi və İbn Mərdəveyh Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Allahdan Onun lütfünü diləyin! Çünki Allah qulunun Ondan diləməsini sevər. Ən əfzəl ibadət çətin anda çıxış yolunun gəlişini gözləməkdir”. (ət-Tirmizi, 3571, 3919. Hədis zəifdir. Bax: Daif əl-Cami, 3278). İbn Mərdəveyh oxşar hədisi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir.
Sonra Uca Allah buyurur: “Həqiqətən, Allah hər şeyi bilir”. Allah kimin dünya malına layiq olduğunu yaxşı bilir və ona dünyadan bir pay verir. Kimin isə kasıblığa layiq olduğunu yaxşı bilir və onu kasıb edir. Kimin də Axirəti qazanmağa layiq olduğunu yaxşı bilir və onu Axirəti qazanacaq əməllərə müvəffəq edir. Kimin də uğursuzluğa layiq olduğunu yaxşı bilir, onu xeyir işlərdən və səbəblərindən məhrum edir. Bu səbəbdən Uca Allah ayənin sonunda “Həqiqətən, Allah hər şeyi bilir” buyurur.
 
ən-Nisa, 33
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللَّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا
33. Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik. Əhd bağladığınız kəslərə də öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir.

 
İbn Abbas, Mucahid, Səid ibn Cubeyr və başqaları ayədəki مَوَالِيَ [məvə:liyə] sözünün “varislər” mənasında olduğunu demişlər. İbn Abbasdan (Allah ondan razı olsun) gələn başqa bir rəvayətə görə isə onlar ölənin oğulları və ata tərəfdən qohumlarıdır. İbn Cərir demişdir: “Ərəblər əmioğluna مَوْلَى [movlə] deyirlər”. Uca Allahın “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik” ayəsinin mənası budur ki, ey insanlar, sizin hər biriniz üçün ata-ana və yaxın qohumların qoyub getdikləri mala varis olsunlar deyə oğullar və ata tərəfdən qohumlar təyin etdik.
Uca Allah buyurur: “Əhd bağladığınız kəslərə də öz paylarını verin” (Bu ayədə عَقَدَتْ [əqadət] “bağladığınız” sözü həmçinin عَاقَدَتْ [ə:qadət] kimi də oxunmuşdur. Birinci qiraət Asim, Həmzə və əl-Kisəinin oxunuşudur. İkinci qiraət isə yerdə qalan yeddi qiraətçinin oxunuşudur. ət-Tabəri (8/272) demişdir: “Hər iki qiraət müsəlmanlar arasında tanınmış və yayılmış qiraətlərdir. Hər iki qiraətin mənası eynidir”. (Əhməd Şakir)., yəni bir-birinizə and içməklə möhkəm əhd-peyman bağladığınız kəslərə mirasdan çatan paylarını verin. Allah sizin bağladığınız bu əhd-peymana şahiddir. Bu əhd-peyman İslamın əvvəlində mövcud idi. Daha sonra bu hökm ləğv edildi və müsəlmanlara daha əvvəl bağladıqları əhdə sadiq çıxmaları, bu ayənin nazil olmasından sonra isə bir daha belə bir əhd bağlamamaları əmr olundu.
əl-Buxari rəvayət etmişdir ki, İbn Abbas ayədəki مَوَالِيَ [məvə:liyə] sözünü “varislər” kimi təfsir etmiş, “Əhd bağladığınız kəslərə” sözü barədə isə demişdir: “Mühacirlər Mədinəyə gəldikdə ənsarlının mirasına, onun öz qohumlarından əvvəl bir mühacir varis olurdu. Bu varislik Peyğəmbərin ﷺ onlar arasında təsis etdiyi qardaşlıqdan qaynaqlanırdı. (Peyğəmbər ﷺ mühacirlərlə birlikdə Mədinəyə gəldikdə öz məscidini tikdikdən sonra gördüyü ikinci iş mühacirlərlə ənsarları bir-birilərinə qardaş etmək olmuşdur. Bir mühacirlə bir ənsarı qardaş etdi, çünki mühacirlər hər şeylərini Məkkədə tərk edib gəlmişdilər və heç bir şeyləri yox idi. Bu qardaşlıq Ənəs ibn Malikin (Allah ondan razı olsun) evində baş tutdu. Başqa bir rəvayətə görə isə Peyğəmbər (Allah ondan razı olsun) məscidində baş tutmuşdur. Peyğəmbərin ﷺ qardaş etdiyi mühacir və ənsarların sayı ümumilikdə yüz nəfərə yaxın idi. Bu qardaşlığa görə onlardan biri öldükdə digəri onun qohumlarından əvvəl ölənin varisi olurdu). Uca Allahın “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik” ayəsi nazil oldu və bu hökm ləğv edildi. Sonra Uca Allah “Əhd bağladığınız kəslərə də öz paylarını verin” buyurmaqla onlara yardım və nəsihət etməyi əmr etdi. Beləcə, mühacirlərlə ənsarlar arasında olan varislik qaldırıldı, vəsiyyət isə qaldı”. (əl-Buxari (8/186-187 Fəthul-Bari); ət-Tabəri (9275, 9277). (Əhməd Şakir). əl-Buxari, 2292, 4580, 6747). İbn Əbu Hatim də oxşar hədisi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir.
Yenə İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Əhd bağladığınız kəslərə də öz paylarını verin” ayəsi barədə belə demişdir: “İslamdan əvvəl bir adam, başqa biri ilə müqavilə bağlayaraq “Mən sənin varisin olum, sən də mənim varisim ol!” deyərdi. Hətta qəbilələr də bu şəkildə razılaşardılar. Peyğəmbər ﷺ dedi: “Cahiliyyə dövründə bağlanmış müqavilələr və razılaşmalar İslam dininə gəlib çatarsa, İslam dini bu müqavilələri və razılaşmaları daha da qüvvətləndirər. (Çünki İslam dini əhdə sadiq çıxmağı əmr edir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin!” (“əl-Maidə”, 1). İslam gəldikdən sonra isə cahiliyyə dövrünün müqavilə və razılaşmalarını bağlamayın!” Varislik barədə bağlanan müqavilələri Uca Allahın “Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar” (“əl-Ənfal”, 75) ayəsi nəsx etdi”. (İbn Əbu Hatimin isnadı səhihdir. əs-Suyuti (2/150) hədisi İbn əl-Munzirə də nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5237. ət-Tabərani “Musnəduş-Şamiyyin” 2411). Səid ibn əl-Museyyib, Mucahid, Əta, əl-Həsən əl-Bəsri, Səid ibn Cubeyr, Qatədə və başqalarından rəvayət olunur ki, ayədə “Əhd bağladığınız kəslərə” deyildikdə qarşılıqlı müqavilə bağlayan kəslər nəzərdə tutulur. İmam Əhməd və İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “İslamda bir-birlərinin varisi olmaq üçün əhd-peyman bağlamaq yoxdur. Cahiliyyə dövründə bağlanmış əhd-peymanı isə İslam dini daha da qüvvətləndirər. Bir məclisdə bağladığım əhd-peymana sadiq çıxmağım məni qırmızı dəvələrə sahib olmaqdan daha çox sevindirər”. Hədisin mətni İbn Cərirə aiddir. (“əl-Musnəd” (2911, 3046); ət-Tabəri (9289, 9290). İsnadları səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9290, 9343).
Yenə İbn Cərir Abdur-Rahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kiçik ikən əmilərimlə birlikdə ”Mutayyəbin” (“Mutayyəbin” sözünün hərfi mənası “ətirlənmişlər” deməkdir. Bu müqavilə cahiliyyət dövründə Bənu Haşim, Bənu Təmim və Bənu Zəhra qəbilələri arasında bağlanmışdı. Bu müqaviləyə əsasən tərəflər biri-birilərinə yardım etməli və bir-birlərinə qarşı vuruşmamalı idilər. Bu müqavilə İbn Cədanın evində baş tutmuşdu. Tərəflər and içmək üçün bir qaba ətir tökərək əllərini ətirə batırırdılar. Bu səbəbdən “Mutayyəbin” (ətirlənmişlər) adlanırdı). əhd-peymanında iştirak etmişəm. Bilsəm ki bu əhdi pozmaqla qırmızı dəvələrə sahib olaram, yenə də pozmaram”. əz-Zuhri rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İslam qarşısına çıxan əhdi daha da qüvvətləndirər”. Həmçinin demişdir: “İslamda əhd-peyman bağlamaqla varis olmaq yoxdur”. Peyğəmbər ﷺ Qureyş ilə ənsarları bir-birinə sevdirmişdi”. Hədisi İmam Əhməd rəvayət etmişdir. (ət-Tabəri (9296); “əl-Musnəd” (1655). (Əhməd Şakir). Əhməd, 1655; ət-Tabəri, 9349, 9296. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1900). ət-Tabəri rəvayət etmişdir ki, Qeys ibn Asim demişdir: “Bir dəfə Peyğəmbərdən ﷺ cahiliyyə dövründə bağlanmış əhd-peyman barədə soruşdum. Peyğəmbər ﷺ dedi: “Cahiliyyə dövründə bağlandığınız əhd-peymana sadiq qalın. Lakin İslam dini gəldikdən sonra belə əhd-peyman bağlamayın”. Hədisi İmam Əhməd rəvayət etmişdir. (ət-Tabəri (9292); “əl-Musnəd” (5/61 Hələbi nəşri). Hər iki isnad səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9345, 9292; Əhməd, 20602, 20889. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5656; Silsilə əs-Səhihə, 2262).
İmam Əhməd Cubeyr ibn Mutimdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İslamda əhd-peyman bağlamaqla varis olmaq yoxdur. Cahiliyyə dövründə bağlanan əhd-peymanları isə İslam daha da qüvvətləndirər”. Hədisi Muslim, Əbu Davud, ən-Nəsəi və ət-Tabəri rəvayət etmişlər. (“əl-Musnəd” (16832); Muslim (2/270); ət-Tabəri (9295). (Əhməd Şakir). Əhməd, 16807, 16883. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7490).
Həqiqət budur ki, ərəblər İslamın əvvəlində əhd-peyman bağlamaqla bir-birlərinin varisi olurdular. Sonra bu hökm ləğv edildi, lakin əhd-peymanın təsiri bundan sonra da qaldı. Bununla belə onlara əvvəl bağladıqları müqavilələri və əhdləri yerinə yetirmək əmr olundu. Bu xüsus əvvəl keçən Cubeyr ibn Mutim və digər səhabələrdən rəvayət edilən hədislərdə bildirilmişdir: “İslamda əhd-peyman bağlamaqla varis olmaq yoxdur. Cahiliyyə dövründə bağlanan əhd-peymanları isə İslam daha da qüvvətləndirər”. Bu hədislər günümüzdə əhd-peyman bağlamaqla varis olmağı icazəli görənlərə açıq-aydın rədd cavabıdır. Necə ki bu, Əbu Hənifə və onun davamçılarının məzhəbidir. İmam Əhməddən də belə bir rəvayət gəlmişdir. Lakin bu məsələdə doğru olan rəy cumhur (əksər) alimlərin dedikləridir. İmam Malik, əş-Şafii və bir rəvayətə görə, İmam Əhməd də bu fikirdədirlər. Bu səbəbdən Uca Allah ayədə “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik” buyurur. Yəni varislər valideynlər və yaxın qohumlardır, digər insanlar deyil. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Miras paylarını sahiblərinə verin. Yerdə qalanı isə (ata tərəfdən) ən yaxın olan kişiyə verilir”. (əl-Buxari, 6235, 6732; Muslim, 3028, 4226). Yəni mirası Uca Allahın miras ayələrində (“ən-Nisa”, 11-12-ci ayələrdə) nəzərdə tutduğu şəxslər arasında bölün. Bundan sonra qalan mirası ata tərəfdən ən yaxın olan kişi qohuma verin. “Əhd bağladığınız kəslərə”, yəni bu ayə nazil olmamışdan əvvəl əhd bağladığınız kəslərə “öz paylarını verin”, yəni mirasdan paylarını verin. Bundan sonra bağlanan əhdlərə gəlincə isə bu əhdlər yerinə yetirilmir. Bəzi alimlərin rəyinə görə, bu ayə gələcəkdə bağlanmış əhdləri ləğv etməklə bərabər, keçmişdə bağlanan əhdləri də ləğv etmişdir və bu ayəyə əsasən hətta keçmişdə bağlanmış olsa belə, əhd bağlamaqla varis olmaq olmaz. Əli ibn Əbu Talhə rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Əhd bağladığınız kəslərə də öz paylarını verin” ayəsi barədə belə demişdir: “Əvvəllər bir kişi başqa biri ilə “onlardan biri öldükdə, digəri onun varisi olacaq” deyə əhd bağlayardı. Uca Allah “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır” (“əl-Əhzab”, 6) ayəsini nazil edərək daha əvvəl əhd bağladıqları dostlarına mallarının üçdə birini vəsiyyət etməyin icazəli olduğunu bildirdi. Ayədə dostlarınıza yaxşılıq etmək dedikdə bu nəzərdə tutulur”. (ət-Tabəri (9268). əs-Suyuti (2/149-150) hədisi həmçinin İbn əl-Munzirə, İbn Əbu Hatimə, ən-Nuhhəsin “Nəsix val-Mənsux” əsərinə və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 9321). Bir çox sələf alimləri də bu ayənin, Uca Allahın “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır” (“əl-Əhzab”, 6) ayəsi ilə nəsx olunduğunu bildirmişlər.
Səid ibn Cubeyr demişdir: “...öz paylarını verin”, yəni mirasdan paylarını verin. Əbu Bəkr azad etdiyi bir köləsi ilə belə bir əhd bağlamış və o öldükdən sonra Əbu Bəkr onun varisi olmuşdur”. Hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 9267, 9320).
Səid ibn əl-Museyyib demişdir: “Bu ayə özlərinin olmayan uşaqları övladlığa götürərək onları özlərinə varis edənlər barədə nazil olmuşdur. Uca Allah onlar barədə bu ayəni nazil edərək onlara vəsiyyət edilməklə bir pay ayırmış, mirası isə qohumlara və ata tərəfdən kişilərə vermişdir. Beləcə, Uca Allah oğulluğa götürülmüş övladların miras iddialarını qəbul etməmiş, lakin onlara vəsiyyət olunmuş mirasdan bir pay ayırmışdır”. Bu əsəri İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 9288, 9342).
İbn Cərir Uca Allahın “öz paylarını verin” ayəsində miras payı deyil, kömək, nəsihət və maddi yardım mənasının nəzərdə tutulduğunu demişdir. Bu rəyə əsasən, ayə nə ləğv olunmuş, nə də əvvəl icazəli olub sonradan hökmü qaldırılmışdır. Əksinə, ayə yalnız kömək və nəsihət üçün bağlanmış əhdlərə sadiq qalmağın vacib olduğuna dəlalət edir. Beləliklə, ayə mənsux deyil, muhkəmdir. İbn Cəririn dediyi bu söz şübhəlidir. Çünki bəzi əhdlər qarşılıqlı yardımlaşma üçün, bəzi əhdlər isə miras üçün bağlanırdı. Necə ki bu barədə sələflərdən bir çox rəvayətlər nəql edilmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mühacirlər Mədinəyə gəldikdə ənsarlının mirasına, onun öz qohumlarından əvvəl bir mühacir varis olurdu. Sonradan bu hökm ləğv edildi”. O halda İbn Cərir bu ayənin nəsx olunmadığını və muhkəm olduğunu necə deyə bilər? Ən doğrusunu Allah bilir. (Bax: ət-Tabəri (8/288-289). (Əhməd Şakir).
 
ən-Nisa, 33
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللَّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا
33. Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik. Əhd bağladığınız kəslərə də öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir.

 
İbn Abbas, Mucahid, Səid ibn Cubeyr və başqaları ayədəki مَوَالِيَ [məvə:liyə] sözünün “varislər” mənasında olduğunu demişlər. İbn Abbasdan (Allah ondan razı olsun) gələn başqa bir rəvayətə görə isə onlar ölənin oğulları və ata tərəfdən qohumlarıdır. İbn Cərir demişdir: “Ərəblər əmioğluna مَوْلَى [movlə] deyirlər”. Uca Allahın “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik” ayəsinin mənası budur ki, ey insanlar, sizin hər biriniz üçün ata-ana və yaxın qohumların qoyub getdikləri mala varis olsunlar deyə oğullar və ata tərəfdən qohumlar təyin etdik.
Uca Allah buyurur: “Əhd bağladığınız kəslərə də öz paylarını verin” (Bu ayədə عَقَدَتْ [əqadət] “bağladığınız” sözü həmçinin عَاقَدَتْ [ə:qadət] kimi də oxunmuşdur. Birinci qiraət Asim, Həmzə və əl-Kisəinin oxunuşudur. İkinci qiraət isə yerdə qalan yeddi qiraətçinin oxunuşudur. ət-Tabəri (8/272) demişdir: “Hər iki qiraət müsəlmanlar arasında tanınmış və yayılmış qiraətlərdir. Hər iki qiraətin mənası eynidir”. (Əhməd Şakir), yəni bir-birinizə and içməklə möhkəm əhd-peyman bağladığınız kəslərə mirasdan çatan paylarını verin. Allah sizin bağladığınız bu əhd-peymana şahiddir. Bu əhd-peyman İslamın əvvəlində mövcud idi. Daha sonra bu hökm ləğv edildi və müsəlmanlara daha əvvəl bağladıqları əhdə sadiq çıxmaları, bu ayənin nazil olmasından sonra isə bir daha belə bir əhd bağlamamaları əmr olundu.
əl-Buxari rəvayət etmişdir ki, İbn Abbas ayədəki مَوَالِيَ [məvə:liyə] sözünü “varislər” kimi təfsir etmiş, “Əhd bağladığınız kəslərə” sözü barədə isə demişdir: “Mühacirlər Mədinəyə gəldikdə ənsarlının mirasına, onun öz qohumlarından əvvəl bir mühacir varis olurdu. Bu varislik Peyğəmbərin ﷺ onlar arasında təsis etdiyi qardaşlıqdan qaynaqlanırdı. (Peyğəmbər ﷺ mühacirlərlə birlikdə Mədinəyə gəldikdə öz məscidini tikdikdən sonra gördüyü ikinci iş mühacirlərlə ənsarları bir-birilərinə qardaş etmək olmuşdur. Bir mühacirlə bir ənsarı qardaş etdi, çünki mühacirlər hər şeylərini Məkkədə tərk edib gəlmişdilər və heç bir şeyləri yox idi. Bu qardaşlıq Ənəs ibn Malikin (Allah ondan razı olsun) evində baş tutdu. Başqa bir rəvayətə görə isə Peyğəmbər ﷺ məscidində baş tutmuşdur. Peyğəmbərin ﷺ qardaş etdiyi mühacir və ənsarların sayı ümumilikdə yüz nəfərə yaxın idi. Bu qardaşlığa görə onlardan biri öldükdə digəri onun qohumlarından əvvəl ölənin varisi olurdu). Uca Allahın “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik” ayəsi nazil oldu və bu hökm ləğv edildi. Sonra Uca Allah “Əhd bağladığınız kəslərə də öz paylarını verin” buyurmaqla onlara yardım və nəsihət etməyi əmr etdi. Beləcə, mühacirlərlə ənsarlar arasında olan varislik qaldırıldı, vəsiyyət isə qaldı”. (əl-Buxari (8/186-187 Fəthul-Bari); ət-Tabəri (9275, 9277). (Əhməd Şakir). əl-Buxari, 2292, 4580, 6747). İbn Əbu Hatim də oxşar hədisi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir.
Yenə İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Əhd bağladığınız kəslərə də öz paylarını verin” ayəsi barədə belə demişdir: “İslamdan əvvəl bir adam, başqa biri ilə müqavilə bağlayaraq “Mən sənin varisin olum, sən də mənim varisim ol!” deyərdi. Hətta qəbilələr də bu şəkildə razılaşardılar. Peyğəmbər ﷺ dedi: “Cahiliyyə dövründə bağlanmış müqavilələr və razılaşmalar İslam dininə gəlib çatarsa, İslam dini bu müqavilələri və razılaşmaları daha da qüvvətləndirər. (Çünki İslam dini əhdə sadiq çıxmağı əmr edir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin!” (“əl-Maidə”, 1). İslam gəldikdən sonra isə cahiliyyə dövrünün müqavilə və razılaşmalarını bağlamayın!” Varislik barədə bağlanan müqavilələri Uca Allahın “Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar” (“əl-Ənfal”, 75) ayəsi nəsx etdi”. (İbn Əbu Hatimin isnadı səhihdir. əs-Suyuti (2/150) hədisi İbn əl-Munzirə də nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5237. ət-Tabərani “Musnəduş-Şamiyyin” 2411). Səid ibn əl-Museyyib, Mucahid, Əta, əl-Həsən əl-Bəsri, Səid ibn Cubeyr, Qatədə və başqalarından rəvayət olunur ki, ayədə “Əhd bağladığınız kəslərə” deyildikdə qarşılıqlı müqavilə bağlayan kəslər nəzərdə tutulur. İmam Əhməd və İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “İslamda bir-birlərinin varisi olmaq üçün əhd-peyman bağlamaq yoxdur. Cahiliyyə dövründə bağlanmış əhd-peymanı isə İslam dini daha da qüvvətləndirər. Bir məclisdə bağladığım əhd-peymana sadiq çıxmağım məni qırmızı dəvələrə sahib olmaqdan daha çox sevindirər”. Hədisin mətni İbn Cərirə aiddir. (“əl-Musnəd” (2911, 3046); ət-Tabəri (9289, 9290). İsnadları səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9290, 9343).
Yenə İbn Cərir Abdur-Rahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kiçik ikən əmilərimlə birlikdə ”Mutayyəbin” (“Mutayyəbin” sözünün hərfi mənası “ətirlənmişlər” deməkdir. Bu müqavilə cahiliyyət dövründə Bənu Haşim, Bənu Təmim və Bənu Zəhra qəbilələri arasında bağlanmışdı. Bu müqaviləyə əsasən tərəflər biri-birilərinə yardım etməli və bir-birlərinə qarşı vuruşmamalı idilər. Bu müqavilə İbn Cədanın evində baş tutmuşdu. Tərəflər and içmək üçün bir qaba ətir tökərək əllərini ətirə batırırdılar. Bu səbəbdən “Mutayyəbin” (ətirlənmişlər) adlanırdı). əhd-peymanında iştirak etmişəm. Bilsəm ki bu əhdi pozmaqla qırmızı dəvələrə sahib olaram, yenə də pozmaram”. əz-Zuhri rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İslam qarşısına çıxan əhdi daha da qüvvətləndirər”. Həmçinin demişdir: “İslamda əhd-peyman bağlamaqla varis olmaq yoxdur”. Peyğəmbər ﷺ Qureyş ilə ənsarları bir-birinə sevdirmişdi”. Hədisi İmam Əhməd rəvayət etmişdir. (ət-Tabəri (9296); “əl-Musnəd” (1655). (Əhməd Şakir). Əhməd, 1655; ət-Tabəri, 9349, 9296. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1900). ət-Tabəri rəvayət etmişdir ki, Qeys ibn Asim demişdir: “Bir dəfə Peyğəmbərdən ﷺ cahiliyyə dövründə bağlanmış əhd-peyman barədə soruşdum. Peyğəmbər ﷺ dedi: “Cahiliyyə dövründə bağlandığınız əhd-peymana sadiq qalın. Lakin İslam dini gəldikdən sonra belə əhd-peyman bağlamayın”. Hədisi İmam Əhməd rəvayət etmişdir. (ət-Tabəri (9292); “əl-Musnəd” (5/61 Hələbi nəşri). Hər iki isnad səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 9345, 9292; Əhməd, 20602, 20889. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5656; Silsilə əs-Səhihə, 2262).
İmam Əhməd Cubeyr ibn Mutimdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İslamda əhd-peyman bağlamaqla varis olmaq yoxdur. Cahiliyyə dövründə bağlanan əhd-peymanları isə İslam daha da qüvvətləndirər”. Hədisi Muslim, Əbu Davud, ən-Nəsəi və ət-Tabəri rəvayət etmişlər. (“əl-Musnəd” (16832); Muslim (2/270); ət-Tabəri (9295). (Əhməd Şakir). Əhməd, 16807, 16883. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7490).
Həqiqət budur ki, ərəblər İslamın əvvəlində əhd-peyman bağlamaqla bir-birlərinin varisi olurdular. Sonra bu hökm ləğv edildi, lakin əhd-peymanın təsiri bundan sonra da qaldı. Bununla belə onlara əvvəl bağladıqları müqavilələri və əhdləri yerinə yetirmək əmr olundu. Bu xüsus əvvəl keçən Cubeyr ibn Mutim və digər səhabələrdən rəvayət edilən hədislərdə bildirilmişdir: “İslamda əhd-peyman bağlamaqla varis olmaq yoxdur. Cahiliyyə dövründə bağlanan əhd-peymanları isə İslam daha da qüvvətləndirər”. Bu hədislər günümüzdə əhd-peyman bağlamaqla varis olmağı icazəli görənlərə açıq-aydın rədd cavabıdır. Necə ki bu, Əbu Hənifə və onun davamçılarının məzhəbidir. İmam Əhməddən də belə bir rəvayət gəlmişdir. Lakin bu məsələdə doğru olan rəy cumhur (əksər) alimlərin dedikləridir. İmam Malik, əş-Şafii və bir rəvayətə görə, İmam Əhməd də bu fikirdədirlər. Bu səbəbdən Uca Allah ayədə “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik” buyurur. Yəni varislər valideynlər və yaxın qohumlardır, digər insanlar deyil. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Miras paylarını sahiblərinə verin. Yerdə qalanı isə (ata tərəfdən) ən yaxın olan kişiyə verilir”. (əl-Buxari, 6235, 6732; Muslim, 3028, 4226). Yəni mirası Uca Allahın miras ayələrində (“ən-Nisa”, 11-12-ci ayələrdə) nəzərdə tutduğu şəxslər arasında bölün. Bundan sonra qalan mirası ata tərəfdən ən yaxın olan kişi qohuma verin. “Əhd bağladığınız kəslərə”, yəni bu ayə nazil olmamışdan əvvəl əhd bağladığınız kəslərə “öz paylarını verin”, yəni mirasdan paylarını verin. Bundan sonra bağlanan əhdlərə gəlincə isə bu əhdlər yerinə yetirilmir. Bəzi alimlərin rəyinə görə, bu ayə gələcəkdə bağlanmış əhdləri ləğv etməklə bərabər, keçmişdə bağlanan əhdləri də ləğv etmişdir və bu ayəyə əsasən hətta keçmişdə bağlanmış olsa belə, əhd bağlamaqla varis olmaq olmaz. Əli ibn Əbu Talhə rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Əhd bağladığınız kəslərə də öz paylarını verin” ayəsi barədə belə demişdir: “Əvvəllər bir kişi başqa biri ilə “onlardan biri öldükdə, digəri onun varisi olacaq” deyə əhd bağlayardı. Uca Allah “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır” (“əl-Əhzab”, 6) ayəsini nazil edərək daha əvvəl əhd bağladıqları dostlarına mallarının üçdə birini vəsiyyət etməyin icazəli olduğunu bildirdi. Ayədə dostlarınıza yaxşılıq etmək dedikdə bu nəzərdə tutulur”. (ət-Tabəri (9268). əs-Suyuti (2/149-150) hədisi həmçinin İbn əl-Munzirə, İbn Əbu Hatimə, ən-Nuhhəsin “Nəsix val-Mənsux” əsərinə və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 9321). Bir çox sələf alimləri də bu ayənin, Uca Allahın “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır” (“əl-Əhzab”, 6) ayəsi ilə nəsx olunduğunu bildirmişlər.
Səid ibn Cubeyr demişdir: “...öz paylarını verin”, yəni mirasdan paylarını verin. Əbu Bəkr azad etdiyi bir köləsi ilə belə bir əhd bağlamış və o öldükdən sonra Əbu Bəkr onun varisi olmuşdur”. Hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 9267, 9320).
Səid ibn əl-Museyyib demişdir: “Bu ayə özlərinin olmayan uşaqları övladlığa götürərək onları özlərinə varis edənlər barədə nazil olmuşdur. Uca Allah onlar barədə bu ayəni nazil edərək onlara vəsiyyət edilməklə bir pay ayırmış, mirası isə qohumlara və ata tərəfdən kişilərə vermişdir. Beləcə, Uca Allah oğulluğa götürülmüş övladların miras iddialarını qəbul etməmiş, lakin onlara vəsiyyət olunmuş mirasdan bir pay ayırmışdır”. Bu əsəri İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 9288, 9342).
İbn Cərir Uca Allahın “öz paylarını verin” ayəsində miras payı deyil, kömək, nəsihət və maddi yardım mənasının nəzərdə tutulduğunu demişdir. Bu rəyə əsasən, ayə nə ləğv olunmuş, nə də əvvəl icazəli olub sonradan hökmü qaldırılmışdır. Əksinə, ayə yalnız kömək və nəsihət üçün bağlanmış əhdlərə sadiq qalmağın vacib olduğuna dəlalət edir. Beləliklə, ayə mənsux deyil, muhkəmdir. İbn Cəririn dediyi bu söz şübhəlidir. Çünki bəzi əhdlər qarşılıqlı yardımlaşma üçün, bəzi əhdlər isə miras üçün bağlanırdı. Necə ki bu barədə sələflərdən bir çox rəvayətlər nəql edilmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mühacirlər Mədinəyə gəldikdə ənsarlının mirasına, onun öz qohumlarından əvvəl bir mühacir varis olurdu. Sonradan bu hökm ləğv edildi”. O halda İbn Cərir bu ayənin nəsx olunmadığını və muhkəm olduğunu necə deyə bilər? Ən doğrusunu Allah bilir. (Bax: ət-Tabəri (8/288-289). (Əhməd Şakir).
 
ən-Nisa, 34
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
34. Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərindən üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaətkar olub qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (bunun faydası olmadığı təqdirdə) yataqda onları tərk edin, (bu da fayda verməzsə) onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür.

 
Uca Allah buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər”, yəni kişi qadın üzərində hakimdir, onun böyüyü və başçısıdır. Qadın yolundan çıxdıqda onu tərbiyə edəndir. “Bu, Allahın onlardan birini digərindən üstün etməsi”, yəni buna səbəb kişilərin qadınlardan daha üstün olmasıdır. Kişi qadından daha xeyirlidir. Bu səbəbdən peyğəmbərlik kişilərə məxsusdur. Həmçinin böyük hakimiyyət və idarəçilik də kişilərə aiddir, çünki Peyğəmbər ﷺ demişdir: “Hakimiyyəti qadına həvalə edən bir tayfa heç vaxt nicat tapmaz”. Hədisi əl-Buxari Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət etmişdir. (əl-Buxari (8/97, 13/45-46). Həmçinin Əhməd, ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 4073, 4425, 6570, 7099). Qazilik və buna bənzər vəzifələr də kişilərə xasdır.
Uca Allah buyurur: “...və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir”, yəni Allahın Öz Kitabında və Peyğəmbərinin ﷺ sünnəsində qadınların mehrləri, xərcləri və maddi təminatları kişilərə vacib edildiyinə görə kişilər öz mallarından qadınlara xərcləyirlər və bu səbəbdən də kişilər qadınlardan üstündürlər. Kişi öz-özlüyündə də qadından üstündür və kişinin qadından bir çox üstünlükləri var. Buna görə də kişinin qadınlar üzərində hakim olması son dərəcə uyğundur. Necə ki başqa bir ayədə Uca Allah buyurur: ”Kişilərin onlar (qadınlar) üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir” (“əl-Bəqərə”, 228).
Uca Allah buyurur: “Əməlisaleh qadınlar itaətkar olub...” İbn Abbas (Allah ondan razı olsun) və bir çoxları demişlər: “Yəni ərlərinə itaət edən qadınlar”. “...qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır”. əs-Suddi və başqaları bu ayənin təfsirində demişlər: “Ərləri yanlarında olmadıqda onların namusunu və malını qoruyarlar”. “Allahın himayəsi sayəsində”, yəni yalnız Allahın himayəsində olan kəs qorunmuş olar.
İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Ən xeyirli qadın odur ki, ona nəzər saldıqda səni sevindirər, ona bir şey buyurduqda sənə itaət edər, yanında olmadıqda isə sənin namusunu və malını qoruyar”. Sonra Peyğəmbər ﷺ Uca Allahın “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər” ayəsini sonuna qədər oxudu”. Hədisi İbn Əbu Hatim də rəvayət etmişdir. (ət-Tabəri (9328); ət-Tayəlisi (2325); Əhməd (7415); əl-Hakim (2/161); ən-Nəsəi (2/72). (Əhməd Şakir). ət-Tabəri, 9380; əl-Hakim, 2682. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1838).
İmam Əhməd Abdur-Rahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, övrət yerini zinadan qoruyarsa və ərinə itaət edərsə, (Qiyamət günü) ona “Cənnətin hansı qapısından istəyirsən daxil ol!” deyilər”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (1661). (Əhməd Şakir). Əhməd, 1661. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1932).
Uca Allah buyurur: “Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin”, yəni ərlərinə qarşı itaətsizlik göstərən qadınlara nəsihət edin. Ayədə keçən النُّشُوزُ [nuşu:z] sözünün mənası “təkəbbürlük”, “dikbaşlıq” deməkdir. Özbaşınalıq edən qadın ərinə qarşı dikbaşlıq edən, onun əmrinə tabe olmayan, ondan üz çevirən və ona nifrət bəsləyən qadındır. Qadında özbaşınalıq əlamətləri göründükdə kişi ona nəsihət etməli və onu göstərdiyi itaətsizliyə görə Allahın əzabı ilə qorxutmalıdır. Uca Allah qadına ərin haqqını ödəməyi və ona itaət etməyi vacib etmişdir. Kişi qadından üstün və fəzilətli olduğuna görə Allah kişiyə asi olmağı qadına haram etmişdir. Peyğəmbər ﷺ bu xüsusda buyurur: “Əgər Allahdan başqa kiməsə səcdə etməyi əmr etmiş olsaydım, üzərindəki haqqın böyüklüyünə görə qadının ərinə səcdə etməsini əmr edərdim”. (Hədisi mənaca Əbu Davud (2140) və əl-Hakim (2/187) Sabit ibn Qeys ibn Saddan rəvayət etmişlər. əl-Hakim hədisin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir. əz-Zəhəbi onunla razılaşmışdır. ət-Tirmizi (2/203-204) hədisi Əbu Hureyradan, Əhməd (6/76 Hələbi çapı) və İbn Məcə (1852) isə Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər. Həmçinin Əhməd (5/227-228) Muazdan, Əhməd (4/381), İbn Məcə (1853) və İbn Hibban isə Abdullah ibn Əbu Əufədən rəvayət etmişlər. (Əhməd Şakir). Əbu Davud, 2140, 2142; əl-Hakim, 2763. Hədisin isnadı həsəndir. Bax: İrvaul-Ğalil, 1998; Səhih ət-Tərğib vat-Tərhib, 1940). əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kişi öz həyat yoldaşını yatağına çağırdığı zaman qadın (ona) yaxınlıq verməsə və əri (bu səbəbdən) ona qəzəbi tutmuş halda yatsa, mələklər səhərə qədər o qadına lənət oxuyar”. Oxşar hədisi Muslim də rəvayət etmişdir. (əl-Buxari (4/446-447, 5/4-5 Hələbi nəşri); Əbu Davud (2142-2144); ət-Tabəri (9372-9374). (Əhməd Şakir). Muslim, 2596, 3614; əl-Buxari, 2998, 3237, 4794, 5193). Bu səbəbdən Uca Allah “Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin” buyurmuşdur.
Uca Allah buyurur: “...yataqda onları tərk edin”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yataqda qadını tərk etmək” dedikdə onlarla cinsi əlaqədə olmamaq və onlara kürəyini çevirib yatmaq nəzərdə tutulur”. (İbn Əbu Hatim, 5270). Bir çoxları da belə demişlər. əs-Suddi, əd-Dahhək, İkrimə və başqaları isə İbn Abbasın (Allah ondan razı olsun) dediklərinə onlarla danışmamağı və söhbət etməməyi də əlavə etmişlər. “Sunən” əsərlərində və “əl-Musnəd”də rəvayət olunur ki, bir dəfə Muaviyə ibn Heydə əl-Quşeyri Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, zövcələrimizin bizim üzərimizdə olan haqları nədir?” Peyğəmbər ﷺ dedi: “Yediyindən ona da yedirtməli, geyindiyindən ona da geyindirməli, döymək həddinə çatdırsa, üzünə vurmamalı, təhqir etməməli və evdən başqa yerdə yatağını ayırmamalısan”. (Əhməd (7415); əl-Hakim (2/161); ən-Nəsəi (2/72). (Əhməd Şakir). Əbu Davud, 2142, 2144. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1929; Mişkətul-Məsabih, 3259).
Uca Allah buyurur: “onları döyün!”, yəni əgər nəsihət etməklə və yatağını ayırmaqla qadının özbaşınalığının qarşısını almaq mümkün deyilsə, bu halda zərər verməmək şərti ilə onları döyə bilərsiniz. Necə ki Muslimin “Səhih” əsərində Cabirdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ vida həccində (söylədiyi xütbədə) demişdir: “Qadınlara görə Allahdan qorxun! Həqiqətən, onlar sizin köməkçilərinizdir. Sizin onların üzərində olan haqqınız istəmədiyiniz adamları evinizə buraxmamalarıdır. Buna əməl etməsələr, onlara zərər verməmək şərti ilə döyün. Onların sizin üzərinizdəki haqqı isə onları gözəl şəkildə yedirməniz və geyindirmənizdir”. (Əbu Davud (2146); əl-Buxari “əl-Kəbir” (1/1/440). (Əhməd Şakir). Muslim, 2137, 3009; Əbu Davud, 1905, 1907). İbn Abbas və bir çoxları ayəni “zərər vermədən döymək” kimi təfsir etmişlər. əl-Həsən əl-Bəsri isə demişdir: “İz qoymayacaq şəkildə döyün”. Fiqh alimləri də belə demişlər: “Hər hansı bir əzasını sındırmadan və eyib (iz) qoymadan döymək icazəlidir”.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Kişi özbaşınalıq edən qadını cəzalandırmaq üçün əvvəlcə yatağını ayırmalıdır. Əgər yola gələrsə, onunla yaxınlıq edir, əgər fayda verməzsə, bil ki, zərər vermədən və sümüyünü zədələmədən qadını döyməyi Allah sənə icazə vermişdir. Əgər bu fayda verərsə, daha ona əziyyət verməməlidir. Əgər döyülməklə də yola gəlməzsə, o halda bil ki, Allah sənə qadından fidyə almaqla ondan xilas olmağı halal etmişdir”. (İbn Əbu Hatim, 5283; ət-Tabəri, 9418, 9469-9470). İyas ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allahın qadın bəndələrini döyməyin!” Bir müddət sonra Ömər Peyğəmbərin ﷺ yanına gələrək “Qadınlar ərlərinə qarşı çıxırlar?!” deyə söylədi və Peyğəmbər ﷺ onları döyməyə icazə verdi. Bundan sonra çox sayda qadın Peyğəmbərin ﷺ zövcələrinin yanına gələrək ərlərindən şikayət etdilər. Peyğəmbər ﷺ belə buyurdu: “Çox sayda qadın Muhəmmədin ailəsinin yanına gələrək ərlərindən şikayət etdilər! Bilin ki, (onları döyən kimsələr) heç də sizin xeyirliləriniz deyildir!” (Əbu Davud, 2146, 2148; əl-Hakim, 2765. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3261). Hədisi Əbu Davud, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. İmam Əhməd Əşas ibn Qeysin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir gecə Ömərin qonağı oldum. Birdən zövcəsi ilə mübahisə etdi və ona əl qaldırdı. Mən onların arasına girdim. Axşam yatağa girdikdə mənə dedi: “Ey Əşas, Peyğəmbərdən ﷺ eşidib əzbərlədiyim bu üç şeyi sən də məndən əzbərlə: “Heç vaxt kişidən arvadını nə üçün döydüyünü soruşma, vitr namazını qılmadan yatma”. Əşas dedi: “Üçüncüsünü isə unutmuşam”. Hədisi Əbu Davud, ən-Nəsəi və İbn Məcə bu şəkildə rəvayət etmişlər. (“əl-Musnəd” (122); Əbu Davud (2149); əl-Hakim (4/175). əl-Hakim üçüncü xisləti də qeyd etmişdir: “Qardaşlarından kimə etibar edib, kimə etibar etmədiyini soruşma”. əl-Hakim hədisin səhih olduğunu bildirmiş, əz-Zəhəbi də onunla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 122; Əbu Davud, 2147, 2149. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6218).
Uca Allah buyurur: “Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın”, yəni əgər qadın Allahın halal etdiyi xüsuslarda ərinin bütün istədiklərini yerinə yetirərsə, artıq ər qadına əziyyət vermək üçün yol axtarmamalıdır. Bu halda kişinin qadını döymək və ya onu yataqda tərk etmək haqqı yoxdur.
Uca Allah buyurur: “Həqiqətən, Allah ucadır, böyükdür”. Bununla, Uca Allah qadınlara qarşı səbəbsiz yerə həddini aşan kişiləri təhdid edir. Onların (qadınların) himayədarı Uca və Böyük olan Allahdır. Qadınlara zülm edənlərdən və onlara qarşı həddi aşanlardan, əlbəttə, intiqamını alacaqdır.
 
ən-Nisa, 35
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا
35. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.

 
Uca Allah əvvəlki ayədə – birinci halı – qadının ərindən üz çevirməsini və özbaşınalığını qeyd etdikdən sonra bu ayədə – ikinci halı – ər-arvadın hər ikisinin bir-birlərinə nifrət etmələrini qeyd edərək “Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin” buyurur. Fiqh alimləri demişlər: “Ər-arvadın arasında ixtilaf düşdükdə hakim onların hər ikisini vəziyyətlərini görüb müşahidə etməsi və haqsızlıq edənin haqsızlığına mane olması üçün etibarlı bir şəxsin yanında məskunlaşdırır. Əgər münasibətləri gərginləşərsə və mübahisələri uzanarsa, o zaman hakim həm qadının ailəsindən, həm də kişinin ailəsindən etibarlı bir adam göndərir. Bu iki etibarlı şəxs bir araya gələrək ər-arvadın halını müzakirə etdikdən sonra hər ikisi üçün faydalı olan qərarı verərlər, ya onları ayırarlar, ya da barışdırarlar. Lakin Uca Allah bu vəziyyətdə barışmağı daha uyğun hesab edərək “Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar” buyurur.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah aralarında ixtilaf baş vermiş ər-arvadın yanına həm kişinin ailəsindən, həm də qadının ailəsindən əməlisaleh bir adam göndərilməsini əmr etmişdir. Bu iki əməlisaleh insan ər və arvaddan hansı birinin günahkar olduğunu araşdırmalıdırlar. Əgər kişi günahkar çıxarsa, arvadını ondan bir müddət ayırıb kişinin üzərinə qadının dolanışığı üçün məsrəf qoyurlar. Əgər günahkar qadın olarsa, bu vəziyyətdə onu əri ilə barışmağa məcbur edir və (cəza olaraq) qadını (əlavə) məsrəfdən məhrum edirlər. Əgər onlar yekdil olaraq ərlə arvadı barışdırmaq və ya ayırmaq qənaətinə gəlsələr, bunu ər-arvada əmr etmələri icazəlidir. Əgər onlar ər-arvadı barışdırmağı uyğun görsələr, lakin ər-arvaddan biri buna razı olub digəri istəməzsə və bu halda onlardan biri ölərsə, barışmağa razı olan barışmaq istəməyənin varisi olur. Razı olmayan isə razı olana varis ola bilməz”. Hədisi İbn Əbu Hatim və İbn Cərir rəvayət etmişlər. (ət-Tabəri (9418). (Əhməd Şakir). İbn Əbu Hatim, 5283; ət-Tabəri, 9469).
Abdur-Razzəq rəvayət etmişdir ki, Aqil ibn Əbu Talib (Allah ondan razı olsun) Utbə ibn Rabiənin qızı Fatimə ilə evlənmişdi. Fatimə ona “Mənimlə evliliyə səbir etsən (mənimlə kifayətlənib başqasını almasan), malımdan sənə xərcləyərəm” demişdi. Aqil hər dəfə onun yanına girdikdə Fatimə “Utbə ibn Rəbiə və Şeybə ibn Rəbiə haradadırlar?” (Utbə Fatimənin atası, Şeybə isə əmisi idi. Belə deməkdə məqsədi təkəbbürlənmək idi. Yəni atam Utbə və əmim Şeybə haradadırlar? Kaş gəlib görərdilər ki, Aqil onların malına görə mənimlə evlidir və bu evliliyə səbir edir) deyirdi. Bir dəfə Aqil dilxor halda evə gəldi. Fatimə yenə bu sözü dedikdə Aqil: “Cəhənnəmə girsən, onları öz solunda görərsən” deyə cavab verdi. Bunu eşidən Fatimə dərhal paltarlarını yığışdırıb Osmanın yanına gəldi və vəziyyəti ona danışdı. Osman bunu eşitdikdə güldü və onları barışdırmaq üçün İbn Abbasla Muaviyəni hakim qismində göndərdi. İbn Abbas dedi: “Mən onları ayıracağam”. Muaviyə dedi: “Abdu Manaf övladlarından iki yaşlını ayıran deyiləm”. İbn Abbasla Muaviyə onların evinə çatdıqda artıq (barışdıqları üçün) evə girib qapılarını bağladıqlarını gördülər və qayıtdılar”. (əş-Şafii “əl-Umm” əsəri (5-177-178); əl-Beyhəqi (7/306); ət-Tabəri (9427). (Əhməd Şakir). Abdur-Razzəq “Musannəf” 11887; əş-Şafii “əl-Umm” 1265, 1288).
Yenə Abdur-Razzəq Ubeydənin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əlinin yanında idim. Bir qadın əri ilə birlikdə onun yanına gəldi. Hərəsinin yanında bir qrup insan var idi. Hər qrup içərilərindən bir hakim çıxardı. Əli hakimlərə müraciət edərək dedi: “Üzərinizə düşəni bilirsinizmi? Əgər barışmağı uyğun görsəniz, barışdırın, ayırmağı uyğun görsəniz, ayırın!” Qadın “İstər lehimə olsun, istər əleyhimə, Allahın Kitabı ilə razıyam” dedi. Kişi dedi: “Heç bir halda ayrılmağa razı deyiləm”. Əli dedi: “Yalan danışdın, Allahın Kitabı ilə razılaşacaqsan, istər lehinə olsun, istər əleyhinə”. Hədisi İbn Əbu Hatim və İbn Cərir də rəvayət etmişlər. (Abdur-Razzəqin təfsiri (səh. 42-43); əş-Şafii “əl-Umm” əsəri (5/177); əl-Beyhəqi (7/305-306); ət-Tabəri (9407-9409). əş-Şafii “əl-Umm” əsərində (5/178) demişdir: “Əlinin hədisi bizə görə səhihdir”. (Əhməd Şakir). İbn Əbu Hatim, 5282).
Əksər alimlərin rəyinə görə (Kitabın çap olunmuş nüsxəsində “Əksər alimlərin rəyinə görə” ifadəsinin əvəzinə “Alimlərin yekdil rəyinə görə...” ifadəsi yazılmışdır. Lakin bu səhvdir və biz bu səhvi iki əlyazmaya əsasən düzəltmişik, çünki daha sonra İbn Kəsir bu məsələdə alimlər arasında olan fikir ayrılığını qeyd etmişdir. (Əhməd Şakir), hakimlərin ər-arvadı ayırmaq və barışdırmaq səlahiyyətləri var. İbrahim ən-Nəxai demişdir: “Hakimlər istəsələr, ər-arvadı bir, iki və ya üç talaq ilə ayıra bilərlər”. Bu rəy Malikdən də rəvayət edilmişdir.
əl-Həsən əl-Bəsri isə belə demişdir: “Hakimlər ər-arvadı yalnız barışdıra bilərlər, ayıra bilməzlər”. Qatədə və Zeyd ibn Əsləm də belə demişlər. Həmçinin Əhməd ibn Hənbəl, Əbu Səur və Davud da bu rəydədirlər. Bu rəydə olanlar Uca Allahın ”Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar” sözünə əsaslanmışlar. Belə ki Uca Allah burada barışdırmağı qeyd etmiş, ayırmağı isə qeyd etməmişdir. Əgər təyin olunmuş insanlar ər-arvadın vəkilləri olarsa, bu halda onların ər-arvadı həm barışdırmaq, həm də ayırmaq səlahiyyətləri var və bu məsələdə alimlər arasında ixtilaf yoxdur.
Alimlər hakimlərin kim tərəfindən təyin olunmasında ixtilaf etmişlər. Bu məsələdə iki rəy var. Birinci rəyə görə, hakimlər qazi (məhkəmə) tərəfindən təyin olunmalıdır və ər-arvad razı olmasalar belə, onlar hökm verə bilərlər. İkinci rəyə görə, hakimlər ər-arvad tərəfindən təyin edilmiş vəkillər olmalıdır. Əksər alimlər birinci rəydədirlər, çünki Uca Allah ayədə “...kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin” buyurmuş və onları “hakim” deyə adlandırmışdır. Hakim isə barəsində hökm verilənin razılığına baxmadan hökm verir. Ayənin zahiri mənası belədir. Bu, əş-Şafii məzhəbinin yeni rəyidir. Əbu Hənifə və onun məzhəbində olan alimlərin rəyləri də belədir. İkinci rəyə gəlincə, bu rəyin dəlili əvvəl keçən rəvayətdir. Həmin rəvayətdə bildirilir ki, aralarında ixtilaf baş vermiş ər-arvad hərəsinin yanında bir toplum adamla Əlinin yanına gəlirlər. Arvad “İstər lehimə olsun, istər əleyhimə, Allahın Kitabı ilə razıyam” dediyi halda, əri “Heç bir halda ayrılmağa razı deyiləm” deyir. Əli ona “Yalan danışdın. Qadının dediyini sən də təsdiqləməlisən!” deyərək etiraz edir. İkinci rəyi doğru görənlər demişlər: “Əgər seçilmiş adamlar hakim sayılsaydılar, ərin təsdiqinə ehtiyac duyulmazdı”. Ən doğrusunu isə Allah bilir.
Şeyx Əbu Ömər İbn Abdul-Bərr demişdir: “Alimlərin yekdil rəyinə görə, əgər iki hakim arasında fikir ayrılığı yaranarsa, heç birinin sözü etibarlı sayılmaz və hakimlərin yalnız yekdil qəbul etdikləri qərarları, ər-arvad tərəfindən təyin olunmasalar belə, etibarlı sayılır. Alimlər hakimlərin ər-arvadı ayırmaq barədə gəldikləri yekdil qərarın həyata keçirilib-keçirilməməsi məsələsində də ixtilaf etmişlər. Əksər alimlərin rəyinə görə, ər-arvadı ayırmaq barədə hakimlərin gəldikləri yekdil qərar həyata keçirilir”.
 
ən-Nisa, 36
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا
36. Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaşa, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.

 
Uca Allah bu ayədə qullarına tək Allaha ibadət edib, heç nəyi Ona şərik qoşmamağı əmr edir. Çünki yaradan ruzi verən, nemətləndirən, hər bir vaxtda və hər bir vəziyyətdə yaratdıqlarına qarşı lütfkar olan yalnız Odur. Bu səbəbdən, Allahın yaratdıqlarından heç bir şey Ona şərik qoşulmamalıdır. İbadətdə təkləşdirilməyə layiq olan yalnız Odur. Necə ki bir dəfə Peyğəmbər ﷺ Muazdan “Ey Muaz, bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir?” deyə soruşdu. Muaz “Allah və Onun rəsulu daha yaxşı bilir!” deyə cavab verdikdə Peyğəmbər ﷺ demişdir: “Allahın qulları üzərindəki haqqı qulların Ona ibadət edib heç nəyi Ona şərik qoşmamalarıdır”. Sonra Peyğəmbər ﷺ soruşdu: “Bilirsənmi, qulları bunu yerinə yetirəcəkləri təqdirdə onların Allah üzərindəki haqqı nədir?” Muaz “Allah və Onun rəsulu daha yaxşı bilir!” deyə cavab verdikdə Peyğəmbər ﷺ buyurdu: “Qulların Allah üzərindəki haqqı Ona heç bir şeyi şərik qoşmayan qullarına əzab verməməsidir”. (əl-Buxari (13/300 Fəthul-Bari); Muslim (1/25-26); ət-Tirmizi (3/369) və İbn Məcə (4296) Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 6825, 7373; Muslim, 45, 154).
Sonra Uca Allah valideynlərlə gözəl davranmağı əmr etmişdir, çünki Uca Allah valideynləri, sənin həyata gəlməyin üçün bir səbəb etmişdir. Uca Allah Quranda bir çox yerdə Özünə ibadət etməyi əmr etməklə yanaşı valideynlərə yaxşılıq etməyi zikr etmişdir. Necə ki bu ayələrdə buyurur: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq, daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir” (“Loğman”, 14); “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!” (“əl-İsra”, 23).
Sonra Uca Allah valideynlərə yaxşılıq etməklə yanaşı, kişi və qadın qohumlara yaxşılıq etməyi də əmr etmişdir. Necə ki bir hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kasıba sədəqə verən bir savab – yalnız sədəqənin savabını qazanır. Qohuma sədəqə verən isə iki savab – biri sədəqəyə görə, bir də qohumluq əlaqəsini yaxşılaşdırdığına görə savab qazanır”. (Hədisi İmam Əhməd, ət-Tirmizi, İbn Məcə və ən-Nəsəi Salman ibn Amirdən (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədis “əl-Bəqərə” surəsinin 174-176-cı ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əhməd, 16233, 16278; ət-Tirmizi, 658, 660; ən-Nəsəi “Sunən” 2582, 2594; İbn Məcə, 1844. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1939).
Sonra Uca Allah “yetimlərə” yaxşılıq etməyi buyurur, çünki onlar qayğılarına qalacaq və onlara mal sərf edəcək kəsi (atalarını) itirmişlər. Bu səbəbdən Uca Allah yetimlərə yaxşılıq etməyi və onlara şəfqət göstərməyi əmr etmişdir.
Daha sonra Uca Allah “kasıblara” yaxşılıq etməyi buyurur. Onlar ehtiyac sahibidirlər və onların bu ehtiyaclarını qarşılayacaq bir kəs də yoxdur. Uca Allah onlara zəruri ehtiyaclarını ödəyəcək şeylərlə kifayət qədər yardım etməyi əmr etmişdir. “ət-Tövbə” surəsinin təfsirində kasıblar və yoxsullar barədə bir daha açıqlama gələcəkdir. (“Tövbə” surəsinin 60-cı ayəsinin təfsirində gələcəkdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “...yaxın və uzaq qonum-qonşuya”. İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: “Yaxın qonşu aranızda qohumluq olan, uzaq qonşu isə aranızda qohumluq olmayan qonşudur”. (İbn Əbu Hatim, 5296; ət-Tabəri, 9437, 9488). Bu təfsir İkrimə, Mucahid, Qatədə və başqalarından da rəvayət edilmişdir. Nəuf əl-Bikəli isə bu ayə barədə demişdir: “Yaxın qonşu müsəlman olan, uzaq qonşu isə yəhudi və ya xaçpərəst qonşudur”. Bu təfsiri İbn Əbu Hatim rəvayət etmişdir.
Qonşuya yaxşılıq etməyi buyuran bir çox hədislər varid olmuşdur. (İbn Kəsir burada bir çox hədislər qeyd etmişdir. Lakin biz bunlarla kifayətləndik. (Əhməd Şakir). İmam Əhməd Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Cəbrail qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, hətta qonşuya da mirasdan bir pay düşəcəyini güman etdim”. Hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində də rəvayət etmişlər. (Hədisi İmam Əhməd “əl-Musnəd” əsərində (5577) rəvayət etmişdir. Həmçinin eyni hədisi Abdullah ibn Amr ibn əl-Asdan (6496) və Əbu Hureyradan (7514, 8032, 9744, 9912, 10686) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 5556, 6015; Muslim, 4757, 6854).
İmam Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah qatında ən xeyirli yoldaş öz yoldaşına qarşı ən xeyirli olandır. Həmçinin Allah qatında ən xeyirli qonşu qonşusuna qarşı ən xeyirli olandır”. Hədisi ət-Tirmizi rəvayət etmiş və “həsən-ğarib” olduğunu bildirmişdir. (“əl-Musnəd” (6566); ət-Tirmizi (3/129); əl-Hakim (1/443, 2/101, 4/164). əl-Hakim hədisin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmiş, əz-Zəhəbi bununla razılaşmışdır. Hədisi əl-Munziri “ət-Tərğib” əsərində (3/237, 4/46) qeyd etmiş və İbn Xuzeymə və İbn Hibbanın “Səhih” əsərlərinə nisbət etmişdir. (Əhməd Şakir). Əhməd, 6566; əl-Hakim, 1620, 2490. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 103).
İmam Əhməd rəvayət etmişdir ki, Miqdəd ibn əl-Əsvəd (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə Peyğəmbər ﷺ səhabələrindən soruşdu: “Sizcə, zinanın hökmü nədir?” Onlar dedilər: “Bunu Allah və Onun Elçisi haram etmişdir və o, Qiyamətə qədər haramdır”. Peyğəmbər ﷺ buyurdu: “Kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun qadını ilə zina etməsindən daha yüngüldür”. (Burada “qonşusunun qadını” deyildikdə qonşunun anası, bacısı, qızı və kənizi də buna aid edilir (Feydul-Qadir). Sonra Peyğəmbər ﷺ onlardan soruşdu: “Bəs oğurluq barədə nə deyirsiniz?” Onlar dedilər: “Bunu Allah və Onun Elçisi haram etmişdir və o, Qiyamətə qədər haramdır”. Peyğəmbər ﷺ dedi: “Kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (6/7 Hələbi nəşri); əl-Buxari “Ədəbul-Mufrad” əsəri (103), əl-Munziri “ət-Tərğib” (3/233); ət-Tabərani “əl-Kəbir” və “əl-Əvsət” əsərləri. (Əhməd Şakir). Əhməd, 23854, 23905. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 2404, 2549). Lakin bu günahın olduqca ağır olduğu əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə də öz təsdiqini tapmışdır. Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” O buyurdu: “Səni yaradan Allaha başqa birisini tay tutmaq!” Mən yenə soruşdum: “Bəs sonra hansıdır?” O dedi: “Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürmək!” Mən yenə soruşdum: “Sonra hansıdır?” O dedi: “Qonşunun zövcəsi ilə zina etmək!” (əl-Buxari (8/124 Fəthul-Bari); Muslim (1/36-37). “ən-Nisa” surəsinin 29-31-ci ayələrinin təfsirində hədis daha geniş mətnlə keçmişdir. (Əhməd Şakr). əl-Buxari, 6313, 6811; Muslim, 124, 267).
İmam Əhməd rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi, mənim iki qonşum var. Onlardan hansı birinə hədiyyə verim?” Peyğəmbər ﷺ belə buyurdu: “Qapısı sənə ən yaxın olana (Burada söhbət maddi imkanın məhdud olmasından gedir. Yəni əgər veriləcək hədiyyə cəmi bir dənədirsə, onu yaxın qonşuya vermək lazımdır. İmkan daxilində isə yaxın qonşuların hamısına hədiyyə vermək bəyənilir)”. Hədisi əl-Buxari də rəvayət etmişdir. (Əhməd, 26068, 26554; əl-Buxari, 2099, 2259, 2405, 2595).
Uca Allah buyurur: “yaxın yoldaşa...”. Əli və İbn Məsud (Allah onlardan razı olsun) demişlər: “Yaxın yoldaş” dedikdə qadın (həyat yoldaşı) nəzərdə tutulur”. İbn Əbu Hatim demişdir: “Oxşar təfsir Abdur-Rahmən ibn Əbu Leylə, İbrahim ən-Nəxai, əl-Həsən və bir rəvayətdə Səid ibn Cubeyrdən nəql edilmişdir”. (İbn Əbu Hatim, 4862). İbn Abbas və bir çox alimlər isə burada yol yoldaşı nəzərdə tutulduğunu demişlər. Səid ibn Cubeyr demişdir: “Bu, əməlisaleh yoldaşdır”. Zeyd ibn Əsləm demişdir: “Səfərdə olmadığın vaxtlarda oturub-durduğun kəs, səfərdə isə yol yoldaşındır”.
Ayədə keçən “müsafirə” sözünün təfsirində İbn Abbas və bir çox alimlər demişlər: “O, qonaqdır”. Mucahid və başqaları isə demişlər: “Səfərdə ikən yolüstü səni ziyarət edən adamdır”. Bu rəy daha qüvvətlidir. Əgər qonaq olduğunu deyənlər yoldan keçən adam nəzərdə tutmuşlarsa, onda bu iki rəy eynidir. Müsafir barədə “ət-Tövbə” surəsinin təfsirində daha ətraflı məlumat veriləcək. Yalnız Allaha güvənir və Ona təvəkkül edirik.
Uca Allah “və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin!” buyurmaqla kölələrlə yaxşı davranmağı əmr edir. Çünki kölə çarəsiz və zəifdir. İnsanların əllərində əsirdir. Bu səbəbdən Peyğəmbər ﷺ ölümündən əvvəl tutulduğu xəstəlikdə ümmətinə vəsiyyət edərək “Namazlara və sahib olduğunuz kölələrə diqqət yetirin” demiş və bunu dəfələrlə təkrarlamışdır. (İmam Əhməd (12195) Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 26699, 26726, 27193, 27219).
İmam Əhməd əl-Miqdam ibn Mədikəribdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Özün yediyin sənin üçün bir sədəqədir. Uşağına yedirtdiyin sənin üçün bir sədəqədir. Zövcənə yedirtdiyin sənin üçün bir sədəqədir. Xidmətçinə yedirtdiyin sənin üçün bir sədəqədir”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. İsnadı səhihdir. (“əl-Musnəd” (17245). (Əhməd Şakir). Əhməd, 17218, 17311; ən-Nəsəi “Sunənul-Kubra” 9141, 9185. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 452). Allaha həmd olsun!
Rəvayət edilir ki, bir dəfə Abdullah ibn Amr (Allah ondan razı olsun) nəzarətçisindən soruşdu: “Kölələrə yemək verdinmi?” O “Xeyr” deyə cavab verdikdə Abdullah dedi: “Get onlara yemək ver! Çünki Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sahib olduğu kölələrinə yemək verməmək insan üçün günah olaraq yetər”. Hədisi Muslim rəvayət etmişdir. (Muslim (1/274); “əl-Musnəd” (6495, 6842). (Əhməd Şakir). Muslim, 1662, 2359). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sahib olduğunuz kölələri yedirdin, geyindirin və onları gücləri yetməyəcək işlərlə mükəlləf etməyin!” Bu hədisi də Muslim rəvayət etmişdir. (Muslim (2/21); “əl-Musnəd” (7358, 7359). (Əhməd Şakir). Muslim, 3141, 4406). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Birinizin xidmətçisi ona yemək gətirdiyi zaman onu yanında oturtmasa belə, heç olmasa, ona bir və ya iki loxma yemək versin. Çünki bunu o hazırlamışdır”. (əl-Buxari, 2370, 2557, 5039, 5460). Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. Hədisin mətni əl-Buxariyə aiddir. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da geyindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari, 2359, 2545; Muslim, 3139, 4405).
Uca Allah buyurur: “Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir”. Yəni özünü bəyənən, qürurlanan, təkəbbürlük edən, insanlara qarşı lovğalıq edən, özünü insanlardan daha xeyirli görən kəsləri Allah, əlbəttə, sevməz. Öz nəzərində o, böyük adam olsa da, Allah qatında alçaq, insanların gözündə isə sevilməyən adamdır.
 
ən-Nisa, 37-39
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا * وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا * وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنْفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا
37. O kəslər ki xəsislik edir və insanları da xəsisliyə sövq edirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
38. Və o kəslər ki öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!
39. Onlar Allaha və Axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir.

 
Uca Allah bu ayədə mallarını Allah yolunda xərcləməyə xəsislik edib Allahın əmr etdiyi şəkildə valideynlərə, qohumlara, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaşa, müsafirə, sahib olduğu kölələrə xərcləməyən, Allahın onlar üzərindəki haqqını verməyən, üstəlik insanları da xəsisliyə sövq edənləri məzəmmət edir. Peyğəmbər ﷺ demişdir: “Xəsislikdən daha betər xəstəlik ola bilərmi?!” (Hədisi əl-Buxari “Ədəbul-Mufrad” əsərində (296) Cabirdən, əl-Hakim (3/219) Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ sözü olaraq, əl-Buxari “Səhih” əsərində (6/172, 8/75 Fəthul-Bari) Cabirdən Əbu Bəkrin (Allah onlardan razı olsun) sözü olaraq rəvayət etmişlər. Bax: “əl-İsabə” (1/155, 4/290-291). (Əhməd Şakir). əl-Buxari, 4032, 4383; Əhməd, 14301, 14340). Həmçinin demişdir: “Xəsislikdən çəkinin! Çünki xəsislik sizdən əvvəlki ümmətlərin həlak olmasına səbəb olmuşdur. Xəsislik onları qohumluq əlaqələrini kəsməyə sövq etmiş, onlar da buna tabe olmuşlar. Xəsislik onları günahlara sövq etmiş, onlar da bu günahları etmişlər”. (İmam Əhmədin (6487) Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisin bir hissəsidir. Həmçinin hədisin bu hissəsini Əbu Davud (1698) da rəvayət etmişdir (Əhməd Şakir). Əbu Davud, 1698, 1700. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərğib, 2604).
Uca Allah buyurur: “Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər”. Xəsis insan Allahın ona verdiyi nemətləri danır. Buna görə də bu nemətlər o insanın nə yeyib-içməyində, nə geyimində, nə də malını xərcləməyində özünü büruzə vermir. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur və o özü də bunun (yəni öz halının və davranışının) şahididir. Həqiqətən, insan var-dövlətə çox hərisdir” (“əl-Adiyat”, 6-8). Bu ayədə isə “Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər” buyurur və belə edənləri “Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” deməklə təhdid edir.
Küfr sözünün lüğəvi mənası örtmək və gizlətməkdir. Xəsis insan da Allahın ona verdiyi nemətləri örtür, gizlədir və danır. Bu baxımdan xəsis insan Allahın ona verdiyi nemətləri inkar edir. Bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Allah bir quluna nemət verdikdə bu nemətin təsirini o qulun üzərində görünməsini sevər”. (Hədisi mənaca İmam Əhməd “əl-Musnəd” əsərində (6708), ət-Tirmizi (4/25) və əl-Hakim (4/135) Abdullah ibn Amrdan, İmam Əhməd, ət-Tabəri və əl-Beyhəqi İmran ibn Husayndan rəvayət etmişlər (Əhməd Şakir). ət-Tirmizi, 2819, 3051; Əhməd, 9223. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1290). Peyğəmbərin ﷺ etdiyi duaların birində deyilir: “Allahım, bizi nemətinə şükür edən, Sənə təriflər deyən və bu nemətləri qəbul edən qullarından et! Allahım, bizə olan nemətlərini tamamla!” (Bu dua namaz əsnasında təşəhhüddən sonra deyilən məşhur duadır. Hədisi Əbu Davud (969) rəvayət etmişdir. əl-Munziri hədisi ət-Tirmiziyə, ən-Nəsəiyə və İbn Məcəyə nisbət etmişdir. ət-Tirmizi hədisin səhih olduğunu bildirmişdir. (Əhməd Şakir). əl-Buxari “Ədəbul-Mufrad” 630; Əbu Davud, 969, 971. Hədisin isnadı səhihdir).
Bəzi alimlər bu ayəni Peyğəmbərin ﷺ Tövratda gələn vəsflərini gizlətməklə özlərində olan elmi bildirməyə xəsislik edən yəhudilərə aid etmişlər. Bu səbəbdən Uca Allah ayənin sonunda “Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” buyurur. Bu rəyi İbn İshaq İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Mucahid və bir çoxları da belə demişlər.
Şübhə yoxdur ki, ayənin yəhudilərə aid olması ehtimalı da var. Baxmayaraq ki, elmdə xəsislik etmək, ilk növbədə, bu ayəyə daxildir, lakin ayənin zahirindən aydın olan budur ki, burada malda xəsislik edəndən söhbət gedir. Çünki ayənin məzmunu qohumlara və zəiflərə mal sərf etmək barədədir. Bundan sonrakı ayənin məzmunu da belədir. Uca Allah bu ayədə “Və o kəslər ki öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar” buyurur. Uca Allah əvvəlki ayədə mallarını Onun yolunda xərcləməyənləri məzəmmətlə zikr etmişdir ki, bunlar da xəsislərdir. Sonrakı ayədə isə mallarını riyakarlıqla sərf edənlər zikr edilmişdir. Onlar öz mallarını Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) deyil, camaat arasında şan-şöhrət qazanmaq və insanların onları tərifləyərək səxavətli olduqlarını demələri üçün xərcləyərlər. Cəhənnəmə ilk atılacaq üç sinif insanın – məqsədləri özlərini insanlara göstərmək olan alim, qazi (döyüşən) və sədəqə verənin zikr edildiyi hədisdə bildirilir ki, sərvət sahibindən malını haraya xərclədiyi soruşulduqda belə deyəcək: “Allahım, Sənin xərclənməsini istədiyin heç bir şeyi tərk etmədim və sənin yolunda xərclədim”. Uca Allah ona deyəcək: “Yalan danışdın! Sənə “Nə səxavətli insandır!” desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan”. (Muslimin, ət-Tirmizinin, ən-Nəsəinin və İbn Hibbanın Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri uzun hədisin bir hissəsidir. Bax: “ət-Tərğib”, (1/29). (Əhməd Şakir). Muslim, 1905, 5032). Yəni sən mükafatını artıq dünyada almısan. Etdiyin əməllə buna nail olmaq istəyirdin.
Bir hədisdə Peyğəmbər ﷺ Adiy (Allah ondan razı olsun) adlı səhabəyə belə demişdir: “Atanın etdiyi yaxşılıqlarla məqsədi vardı. Ona da artıq nail olmuşdur”. (Hədisi İmam Əhməd “əl-Musnəd” əsərində (4/379 Hələbi nəşri) bu şəkildə rəvayət etmişdir: “Mən (Adiy) dedim: “Ey Allahın Elçisi, atam qohumlarına yaxşılıq edər və digər yaxşı əməlləri edərdi. Bu əməllərin (Qiyamət günü) ona bir faydası olacaqmı? Yəni savab qazanıbmı?” Peyğəmbər ﷺ dedi: “Atanın bu yaxşılıqları etməkdə məqsədi vardı. Ona da artıq nail olmuşdur”. (Əhməd Şakir). Əhməd, 18288, 18451, 19393. Şueyb əl-Arnavut hədisin həsən olduğunu bildirmişdir). Başqa bir hədisdə bir dəfə Peyğəmbərdən ﷺ soruşdular ki, Abdullah ibn Cudanın cahiliyyə dövründə malından insanlara xərcləməsi və qul azad etməsi ona fayda verəcəkmi? Peyğəmbər ﷺ buyurdu: “Bu ona fayda verməyəcək, çünki o heç vaxt “Ey Rəbbim! Din (Qiyamət) günü mənim xətalarımı bağışla!” deməmişdir”. (Hədis “Ali-İmran” surəsinin 90-91-ci ayələrinin təfsirində keçmişdir. Hədisi Əhməd və Muslim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 315, 540).
Bu səbəbdən Uca Allah o kəslər barədə “Allaha və Axirət gününə inanmırlar” buyurur. Yəni onları bu pis əmələ sövq edən və itaətləri şəriətin buyurduğu kimi etməkdən yayındıran şeytan olmuşdur. Şeytan onlara günah işləri xoş göstərmiş və onları tovlayaraq haqq yoldan azdırmışdır və onlara yoldaş olaraq çirkin əməlləri gözəl göstərmişdir. Uca Allah buyurur: “Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!”
Sonra Uca Allah buyurur: “Onlar Allaha və Axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər?”, yəni əgər onlar riyakarlıqdan əl çəkib gözəl yola üz tutsaydılar, Allahın yaxşı işlər görənlərə Axirət həyatında vəd etdiklərinə ümid edərək Allaha imana və ixlasa dönsəydilər, Allahın onlara verdiyi ruzidən Allahın sevib və razı qaldığı şəkildə xərcləsəydilər, nə zərər çəkərdilər?
Uca Allah buyurur: “Allah onların hər bir işini bilir”, yəni Allah onların yaxşı və pis niyyətlərini yaxşı bilir. Onlardan kimin müvəffəqiyyətə layiq olduğunu bilir və onu doğru yola yönəldir, razı qalacağı saleh əməllər işləməyə müvəffəq edir. Uca Allah kimin alçalmağa və Allah dərgahından qovulmağa layiq olduğunu da yaxşı bilir. Allahın qapısından qovulmuş insan dünya və Axirətdə zərərə və ziyana uğramışdır. Belə olmaqdan Allaha sığınırıq!
 
ən-Nisa, 40-42
إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا * فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَؤُلَاءِ شَهِيدًا * يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا
40. Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər.
41. Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?
42. Küfr edib Peyğəmbərə asi olanlar o gün yerlə bir olmalarını təmənna edər və heç bir sözü Allahdan gizlədə bilməzlər.

 
Uca Allah bu ayədə bildirir ki, Qiyamət günü O, qullarından heç kimə nə xardal dənəsi mislində, nə də bundan daha kiçik zərrə qədər zülm etməyəcək. Əksinə, əgər qul yaxşı əməl etmişsə, ona əvəzini tam və artıqlaması ilə verəcək. Necə ki Uca Allah başqa ayədə belə buyurur: “Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik” (“əl-Ənbiya”, 47). Loğman barədə xəbər verərək buyurur: “Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır” (“Loğman”, 16). Həmçinin buyurur: “O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır” (“əz-Zəlzələ”, 6-8). əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunan uzun şəfaət hədisində Peyğəmbər ﷺ demişdir: “Uca Allah (mələklərə) buyuracaq: “Gedin, qəlbində zərrə qədər imanı olanları atəşdən çıxarın!” (əl-Buxari, 6886, 7439). Muslimin rəvayətində isə “Gedin, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxarın! Onlar da gəlib böyük bir toplum insanı atəşdən çıxaracaqlar”. Sonra Əbu Səid əl-Xudri dedi: “İstəsəniz, sözlərimin təsdiqi olaraq bu ayəni oxuyun: “Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər” (“ən-Nisa”, 40)”. (“əl-Musnəd” (11144, 11922); əl-Buxari (13/358-361 Fəthul-Bari); Muslim (1/66-67). Hədisin təxrici ət-Tabəridədir (9506, 9507). (Əhməd Şakir). əl-Buxari, 6956, 7510; Muslim, 286, 500). İmam Əhməd Əbu Osman ən-Nəhdinin belə dediyini rəvayət edir: “Bir dəfə mən Əbu Hureyranın yanına gəlib ona dedim: “Mənə çatıb ki, sən bir yaxşılığın min-min qat artırılacağını deyirsən”. Əbu Hureyra dedi: “Burada səni təəccübləndirən nə var ki?! Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Həqiqətən, Allah yaxşılığı iki min dəfə min qat artırar”. Hədisi İbn Əbu Hatim də rəvayət etmişdir. (Bu hədis “əl-Bəqərə” surəsinin 243-245-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əhməd, 10770, 7932. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 3975).
Uca Allah buyurur: “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” Uca Allah bu ayədə Qiyamət gününün dəhşətindən və şiddətindən xəbər verərək buyurur ki, Qiyamət günü hər ümmətdən bir şahid, yəni peyğəmbərlər gətiriləcəyi zaman onların halı necə olacaq? Necə ki başqa ayələrdə buyurur: “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcək” (“əz-Zumər”, 69); “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik” (“ən-Nəhl”, 89). əl-Buxari Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Bir dəfə Peyğəmbər ﷺ mənə buyurdu: “Mənə Quran oxu!” Dedim: “Ey Allahın Elçisi, Quran sənə nazil olduğu halda, onu sənə mənmi oxuyacağam?” Peyğəmbər ﷺ dedi: “Bəli, mən onu başqasından dinləməyi xoşlayıram”. Mən ona “ən-Nisa” surəsini oxumağa başladım. Nəhayət, surənin “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda Peyğəmbər ﷺ “Kifayətdir!” dedi. Mən başımı qaldırdıqda Peyğəmbərin ﷺ gözlərinin yaşla dolduğunu gördüm”. Hədisi həmçinin Əhməd və Muslim rəvayət etmişlər. Hədis bir çox yollarla İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilmişdir. (əl-Buxari (9/81 Fəthul-Bari); “əl-Musnəd” (3550, 3551, 3606, 4118); ət-Tabəri (9519). (Əhməd Şakir). əl-Buxari, 4216, 4582).
İbn Əbu Hatim Yunus ibn Muhəmməd ibn Fudalə əl-Ənsaridən, o da atasından (Fudalə atasının Peyğəmbərin ﷺ səhabələrindən biri olduğunu demişdir) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Bənu Zəfər qəbiləsində onları ziyarət etdi və həmin gün Bənu Zəfər qəbiləsinin yaşadığı ərazidə olan bir daşın üzərində oturdu. Peyğəmbərin ﷺ yanında İbn Məsud, Muaz ibn Cəbəl və səhabələrindən bəziləri vardı. Peyğəmbər ﷺ Quranı əzbər bilənlərdən birinə Quran oxumağı buyurdu. Quran oxuyan Uca Allahın “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda Peyğəmbər ﷺ ağladı. Hətta saqqalı və yanaqları ağlamaqdan titrəyirdi. Peyğəmbər ﷺ dedi: “Ey Rəbbim, mən gördüyüm kəslərə şahidəm, bəs görmədiklərimin halı necə olacaq?” (Əbu Hatimin isnadı səhihdir. Həmçinin əl-Buxari “ət-Tərixul-Kəbir” əsərində (1/1/16) səhih isnadla adəti üzrə müxtəsər rəvayət etmişdir. Hədisi əl-Hafiz İbn Həcər “əl-İsabə” (6/50) əsərində qeyd etmiş və əl-Bəğavi və İbn Şahinə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 15834. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6356). İbn Cərir Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Uca Allahın “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsini dinlədikdən sonra dedi: “Allahım, nə qədər ki onların arasındayam, mən onlara şahidəm. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Sənsən”. (ət-Tabəri (9518). İsnadı səhihdir (Əhməd Şakir). ət-Tabəri, 9571; Muslim, 3191, 7380).
Uca Allah buyurur: “Küfr edib Peyğəmbərə asi olanlar o gün yerlə bir olmalarını təmənna edər”, yəni o gün görəcəkləri dəhşət, başlarına gələcək müsibət və rüsvayçılıq səbəbindən yerin yarılıb onları udmasını arzulayacaqlar. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə “Kaş mən torpaq olaydım!” deyəcəkdir” (“ən-Nəbə”, 40).
Uca Allah buyurur: “və heç bir sözü Allahdan gizlədə bilməzlər”. Bununla Uca Allah onların bütün etdiklərini etiraf edəcəklərini və Ondan heç bir şeyi gizlədə bilməyəcəklərini xəbər verir. İbn Cərir Səid İbn Cubeyrdən rəvayət etmişdir ki, bir kişi İbn Abbasın (Allah ondan razı olsun) yanına gələrək dedi: “Uca Allah bir ayədə Qiyamət günü müşriklərin “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” (“əl-Ənam”, 23) deyəcəklərini xəbər verir. Başqa bir ayədə isə “...heç bir sözü Allahdan gizlədə bilməzlər” buyurur. Bu iki ayəni necə cəm edək?” İbn Abbas (Allah ondan razı olsun) ona belə cavab verdi: “Onların “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” demələrinə gəlincə onlar Cənnətə yalnız müsəlmanların daxil olduğunu gördükdə deyəcəklər: “Gəlin Allaha şərik qoşmağımızı inkar edək və “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” Bu vaxt Uca Allah onların ağızlarını möhürləyəcək. Qazandıqları günahlar barəsində onların əlləri və ayaqları danışacaq. Beləcə, “heç bir sözü Allahdan gizlədə bilməzələr”. (ət-Tabəri (9520). İsnadı səhihdir (Əhməd Şakir). ət-Tabəri, 9573).
 
ən-Nisa, 43
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
43. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa, su tapmasanız, pak torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.

 
Uca Allah bu ayədə mömin qullarına sərxoş halda namaz qılmağı qadağan edir, çünki sərxoş halda namaz qılan namazda nə dediyini anlamır. Həmçinin cunub halında namaz qılınan yerlərə, yəni məscidlərə yaxınlaşmağı da qadağan edir. Yalnız məsciddə qalmadan, bir qapıdan girib, digər qapıdan çıxan istisnadır. Bu hökm (sərxoş halda namaz qılmağın qadağan olması), sərxoşedici içkilər haram olmamışdan əvvəl idi. “əl-Bəqərə” surəsinin “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar” (“əl-Bəqərə”, 219) ayəsinin təfsirində qeyd etdiyimiz hədis buna dəlalət edir. Peyğəmbər ﷺ bu ayəni (“əl-Bəqərə”, 219) Ömərə oxuduqda Ömər “Ey Allahım! Bizə şərab barədə açıq-aydın bir qərar ver!” dedi. Sonra bu ayə nazil oldu və Peyğəmbər ﷺ bu ayəni də Ömərə oxudu. Ömər “Ey Allahım! Bizə şərab barədə açıq-aydın bir qərar ver!” dedi. Bu ayə nazil olduqdan sonra səhabələr namaz vaxtlarında içki içməzdilər. Nəhayət, sərxoşedici içkilər tam qadağan olunaraq “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir” ayəsi, “Siz buna son qoyacaqsınızmı?” (“əl-Maidə”, 90-91) sözünə qədər nazil oldu və Ömər “Artıq son qoyduq, son qoyduq!” dedi”. (Hədis “əl-Bəqərə” surəsinin 219-220-ci ayələrinin təfsirində keçmişdir). Əbu Davudun rəvayətində isə “Bundan sonra Allah Elçisinin ﷺ carçısı namaz zamanı “Sərxoş olanlar namaza yaxın durmasınlar” deyərək car çəkdi” əlavəsi var.
Təfsir alimləri İbn Əbu Hatimin Saddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisi bu ayənin nazilolma səbəbi kimi qeyd edirlər. Sad (Allah ondan razı olsun) demişdir: “Dörd ayə mənə görə nazil olmuşdur. Bir dəfə ənsarlardan olan bir kişi yemək hazırladı və bəzi mühacirləri və ənsarları yeməyə dəvət etdi. Biz yedik və sərxoş olana qədər içdik. Sonra öyünməyə başladıq. Bir kişi dəvənin çənə sümüyünü götürərək Sadın burnunu yaraladı. Sadın burnunun üstü yarılmışdı. Bu hadisə içki haram olmamışdan əvvəl baş vermişdi. Bu səbəbdən “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın” ayəsi nazil oldu”. Hədis tam şəkildə Muslimin “Səhih” əsərindədir. İbn Məcədən başqa digər “Sunən” sahibləri də bu hədisi rəvayət etmişlər. (Bu, uzun hədisin bir hissəsidir. Hədis ət-Tayəlisinin “Musnəd” əsərindədir (208). İbn Əbu Hatim hədisi ət-Tayəlisinin yolu ilə rəvayət etmişdir. ət-Tayəlisinin rəvayətinə görə, bu hadisə Uca Allahın “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın!” (“ən-Nisa”, 43) ayəsi ilə yanaşı, bu ayənin də: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir…” (“əl-Maidə”, 90) nazilolma səbəbidir. Lakin Əhmədin “Musnəd” əsərində (1567, 1614) və Muslimdə (2/239, 240) bu hadisənin yalnız ikinci ayənin nazilolma səbəbi olduğu bildirilir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5353; Muslim, 3289, 4655).
Bu ayənin başqa bir nazilolma səbəbi budur: İbn Əbu Hatim rəvayət edir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Abdur-Rahmən ibn Auf bizi yeməyə dəvət etdi. O bizə şərab süzdü və bu içki bizi sərxoş etdi. Namaz vaxtı çatdıqda filankəsi imam olaraq irəli çəkdilər və o, “əl-Kəfirun” surəsini səhv oxuyaraq “Qul yə: əyyuhəl-kə:firu:n. Mə: əbudu mə: təbudun. Və nəhnu nəbudu mə: təbudu:n” (De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, biz sizin ibadət etdiklərinizə ibadət edirik”). Bundan sonra Uca Allah “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın” ayəsini nazil etdi”. (İbn Əbu Hatim, 5352; ət-Tirmizi, 3300. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3026). Hədisi ət-Tirmizi də rəvayət etmiş və “həsən-səhih” olduğunu bildirmişdir.
İbn Cərir eyni hədisi Əlidən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Əli, Abdur-Rahmən və başqa bir kişi şərab içmişdilər. Abdur-Rahmən onlara namaz qıldırdı və namazda “əl-Kəfirun” surəsini oxudu, lakin ayələri qarışdırdı. Bu səbəbdən “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın” ayəsi nazil oldu”. Hədisi Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər. (ət-Tabəri (9524). (Əhməd Şakir). ət-Tabəri, 9577.Əbu Davud, 3673. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 3671).
əd-Dahhək “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, .... namaza yaxınlaşmayın” ayəsi barədə belə demişdir: “Bununla Uca Allah içki sərxoşluğunu deyil, yuxu sərxoşluğunu nəzərdə tutmuşdur”. Bu sözü İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. (Yəni yuxulu olduğunuz halda tam ayılmayana qədər namaz qılmayın. ət-Tabəri, 9534, 9588).
Sonra İbn Cərir demişdir: “Doğru olan budur ki, burada içkidən sərxoş olmaq nəzərdə tutulmuşdur. Ayədəki qadağa deyiləni anlamayacaq dərəcədə sərxoş olana aid deyil, çünki o (deyiləni anlamayan), dəli hökmündədir. Buradakı qadağa mükəlləf olduğunu anlayan sərxoşa aiddir.
İbn Cəririn söylədiklərinin xülasəsi budur. Bir çox üsul alimləri də bunu qeyd edərək bildirmişlər ki, bu xitab deyiləni anlamayan sərxoşa deyil, anlaya bilənə aiddir. Çünki bir insanın mükəlləf olması üçün deyiləni başa düşməsi və anlaması şərtdir. Ola bilsin, ayə sərxoşluğun tamamilə qadağan olunmasına eyham edir, çünki müsəlmanlara səhər-axşam beş vaxtda namaz qılmaq əmr olunmuşdur. Belə olan halda içki içən, namazları davamlı olaraq vaxtında yerinə yetirə bilməz. Ən doğrusunu Allah bilir. Bu baxımdan ayə Uca Allahın “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (“Ali-İmran”, 102) ayəsinə bənzəyir. Bu ayədə Uca Allah müsəlmanlara İslam üzərində ölməyə hazır olmağı və buna müvəffəq olmaq üçün davamlı şəkildə Allaha itaət etməyi əmr etmişdir.
Uca Allah buyurur: “...nə dediyinizi anlayana qədər”. Bu, sərxoş insana verilə biləcək ən yaxşı tərifdir. Belə ki sərxoş nə dediyini anlamayan insana deyilir. Sərxoş insan namazda oxuduğunu qarışdıracaq, dediyi sözlərin mənasını düşünməyəcək və namazı xuşu (Xuşu sözünün lüğəvi mənası “mütilik” deməkdir. Namazda xuşu dedikdə - qəlbin Allaha yönəlməsi və insanın namazda dediyini anlaması nəzərdə tutulur) ilə qılmayacaq. İmam Əhməd Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sizdən biriniz namaz qılarkən mürgüləyərsə, qoy namazdan çıxsın və nə dediyini anlayacaq hala gələnə qədər yatsın”. Hədisi yalnız İmam əl-Buxari rəvayət etmişdir, Muslim isə rəvayət etməmişdir. Həmçinin ən-Nəsəi də rəvayət etmişdir. (Kitabın iki əlyazmasında “Hədisi yalnız Muslim rəvayət etmişdir” yazılıb. Bu isə səhvdir, çünki oxşar hədisi əl-Buxari də rəvayət etmişdir (1/272 Fəthul-Bari). Muslim isə rəvayət etməmişdir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” əsərində (1/309) bunu qeyd etmişdir. Həmçinin hədis “əl-Musnəd” (12473, 12547, 11996, 13646) əsərindədir. (Əhməd Şakir). Əhməd, 12446, 12469, 12473. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir). Hədisin bəzi rəvayətində “Çünki o, yuxulu ola-ola namaz qıldığı zaman ola bilər ki, heç özü də bilmədən bağışlanma diləmək əvəzinə özünü söysün” əlavəsi vardır. (Ənəsdən (Allah ondan razı olsun) gələn rəvayətlərdə bu əlavəni tapa bilmədim. Bu əlavə Aişədən (Allah ondan razı olsun) gələn rəvayətdədir. Hədisi əl-Buxari (1/271 Fəthul-Bari) və Muslim (1/218) rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 205, 212; Muslim, 1309, 1871*/
Uca Allah buyurur: “...eləcə də cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın”. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) bu ayə barədə belə dediyini rəvayət etmişdir: “Qüslsuz (cunub) olduğunuz halda məscidə daxil olmayın. Yalnız yolüstü, məsciddə oturmadan gəlib-keçən istisnadır”. (əs-Suyuti “əd-Durrul-Mənsur” 4/454). Abdullah ibn Məsud, Ənəs, Əbu Ubeydə, Səid ibn əl-Museyyib, Mucahid və Qatədədən (Allah onlardan razı olsun) də belə rəvayət edilmişdir. İbn Cərir rəvayət etmişdir ki, Uca Allahın “yolüstü keçən istisna olmaqla” ayəsi barədə Yəzid ibn Əbu Həbib belə demişdir: “Ənsarlardan bəzilərinin qapısı məscidə açılırdı. Bəzən cunub olurdular və evlərində su olmurdu. Su gətirmək üçün isə məsciddən keçməkdən başqa çarə qalmırdı. Bu səbəbdən Uca Allah “cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın” ayəsini nazil etdi”. (ət-Tabəri (9567). Hədis “mursəl”dir. Çünki Yəzid ibn Əbu Həbib tabiindir. Bu hədisi Peyğəmbərə ﷺ çatan sənədlə rəvayətini tapa bilmədim. Hədisi əs-Suyuti (2/166) rəvayət etmiş və yalnız ət-Tabəriyə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 9567, 9622).
əl-Buxarinin “Səhih” əsərində varid olan bu hədis Yezid ibn Əbu Həbibin söylədiyini təsdiqləyir. Rəvayət olunur ki, Peyğəmbər ﷺ demişdir: “Əgər mən insanlar arasında özümə ən yaxın dost seçməli olsaydım, hökmən Əbu Bəkri dost seçərdim. Lakin İslamda qardaşlıq bundan əfzəldir. Elə isə, Əbu Bəkrin qapısından başqa bu məscidə açılan bütün qapıları bağlayın!” (əl-Buxari, 3615, 3904). Peyğəmbər ﷺ bunu həyatının sonlarında demişdir. Çünki o bilirdi ki, özündən sonra Əbu Bəkr (Allah ondan razı olsun) xəlifə olacaq və müsəlmanların mənafeyi üçün əhəmiyyətli olan işlərə görə məscidə çox girməyə ehtiyac duyacaq. Bu səbəbdən Peyğəmbər ﷺ onun qapısından başqa məscidə açılan bütün qapıların bağlanılmasını əmr etmişdi. Bu hədisi “Əlinin qapısından başqa” kimi rəvayət edənlər səhv etmişlər. Necə ki bəzi hədis kitablarında belə rəvayət olunur. Doğru olan rəvayət “Səhih” əsərində varid olandır.
Bir çox alimlər bu ayəni dəlil gətirərək cunub olan adamın məsciddə qalmasının haram olduğunu demişlər, lakin məsciddən keçməsi icazəlidir. Heyzli və nifaslı (Nifas doğuşdan sonra qadının uşaqlığından gələn qandır) halda olan qadın da eyni hökmdədir. Bəzi alimlər demişlər: “Heyzli və nifaslı halda olan qadınların məsciddən keçmələri də qadağandır, çünki onların məscidi bulaşdırmaq ehtimalı var”. Bəzi alimlər isə demişlər: “Əgər heyzli və nifaslı qadın məscidi bulaşdırmayacağına əmindirsə, məsciddən keçməsi icazəlidir, əgər əmin deyilsə, keçə bilməz”. Muslimin “Səhih” əsərində rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər ﷺ mənə dedi: “Məsciddən səccadəni (Üzərində namaz qılmaq üçün həsirdən və ya parçadan hazırlanmış palaz). mənə gətir!” Mən dedim: “Mən heyzli haldayam”. Peyğəmbər ﷺ dedi: “(Gətir onu) heyzli olmağın səndən asılı olan bir şey deyil”. (Muslim, 450, 715). Muslim eyni hədisi Əbu Hureyradan (Allah ondan razı olsun) da rəvayət etmişdir. Bu hədis heyzli qadının məsciddən keçməsinin icazəli olduğuna dəlalət edir. Nifaslı qadın da eyni hökmdədir. Ən doğrusunu isə Allah bilir.
İbn Əbu Hatim rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun) Uca Allahın “cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın” ayəsi barədə demişdir: “Cunub olan insan qüsl etməyənə qədər namaza yaxınlaşmır. Yalnız cunub olub, qüsl etməyə su tapmayan müsafir su tapıb qüsl edənə qədər (təyəmmüm etməklə) namaz qıla bilər”. (ət-Tabəri oxşar hədisi Əlidən (Allah ondan razı olsun) rəvayət etmişdir (9537, 9540). “Su tapıb qüsl edənə qədər namaz qıla bilər”, yəni təyəmmüm etməklə. (Əhməd Şakir). İbn Əbu Hatim demişdir: “Oxşar təfsir İbn Abbasdan (bir rəvayətdə), Səid ibn Cubeyrdən və əd-Dahhəkdən də rəvayət edilmişdir”. (İbn Əbu Hatim, 5360). Həmçinin İbn Cərir Əli və İbn Abbasdan (Allah onlardan razı olsun) bu mənada təfsir rəvayət etmişdir. Ayənin bu cür təfsir olunmasına İmam Əhməd və “Sunən” sahiblərinin Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etdikləri bu hədis dəlalət edir: Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “On il su tapa bilməsə belə, təmiz torpaq müsəlman üçün təmizləyicidir. Su tapdıqda isə onu dərinə sürt (qüsl et). Şübhəsiz ki ən xeyirlisi budur”. (Hədis səhihdir. Hədisi əl-Hakim rəvayət etmiş və səhih olduğunu bildirmişdir (1/176-177). Hədisin təxricini ət-Tirmizinin (124) şərhində qeyd etmişik. Həmçinin hədisi əl-Bəzzər Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Mənaca oxşar hədisi ət-Tabərani Əbu Hureyradan Əbu Zərin (Allah onlardan razı olsun) hadisəsində rəvayət etmişdir. əl-Heysəmi hədisi qeyd etmiş və demişdir: “Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 990, 1050, 1089; İbn Hibban, 1311. Bax: Səhih əl-Cami, 1666-1667).
İbn Cərir hər iki rəyi nəql etdikdən sonra demişdir: “Mənə görə bu ayə barədə deyilən ən uyğun təfsir Uca Allahın “...yolüstü keçən istisna olmaqla” sözünü “məsciddən yolüstü keçənlər istisna olmaqla” kimi təfsir edənlərin sözüdür. Çünki Uca Allah cunub olarkən su tapa bilməyən müsafirin hökmünü “Əgər xəstə və ya səfərdə olsanız...” ayəsində açıqlamışdır. Əgər Uca Allah “cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın” ayəsi ilə müsafiri nəzərdə tutsaydı, o zaman “Əgər xəstə və ya səfərdə olsanız...” cümləsini təkrar zikr etməsinin bir mənası olmazdı. Çünki eyni hökm daha əvvəl qeyd edilmişdir. Beləliklə, ayənin təfsiri belə olacaq: “Ey iman gətirənlər, sərxoş ikən nə dediyinizi anlayana qədər namaz qılmaq üçün məscidlərə yaxınlaşmayın. Həmçinin cunub olduğunuz halda qüsl edənədək oraya yaxınlaşmayın. Yalnız (qalmamaq şərtilə) yolüstü keçənlər istisnadır”. Ayədə عَابِرِي سَبِيلٍ [a:biri: səbi:lin] “yolüstü keçən” dedikdə yolu qət etmək üçün keçən nəzərdə tutulur. Bu səbəbdən ərəblər səfərdə güclü olan dəvəyə عُبْرُ أَسْفَارٍ [ubru əsfə:rin] “səfərləri keçən dəvə” deyirlər.
İbn Cəririn üstün gördüyü bu rəy əksər alimlərin rəyidir. Ayənin zahiri də belədir. Sanki Uca Allah bu ayədə namazı naqis və məqsədinə zidd bir şəkildə qılmağı, habelə namaz yerinə naqis halda girməyi qadağan etmişdir. Naqis hal dedikdə namaza və namaz yerinə yaraşmayan cənabət nəzərdə tutulur. Ən doğrusunu isə Allah bilir.
Üç məzhəb imamı – Əbu Hənifə, əş-Şafii və Malik Uca Allahın “qüsl edənədək” sözünü dəlil gətirərək cunub olanın qüsl alanadək, su tapa bilmədiyi, yaxud su tapıb (xəstəlik və s. səbəbindən) istifadə edə bilmədiyi təqdirdə isə təyəmmüm edənədək məsciddə qalmasının haram olduğunu demişlər. İmam Malik isə cunub olanın dəstəmaz aldığı təqdirdə məsciddə qalmasının icazəli olduğunu demişdir. Bu rəyində o, Muslimin şərtinə görə səhih isnadla nəql olunan rəvayətdə səhabələrin belə etdiklərinə əsaslanmışdır. Bu hədisi Malik özü rəvayət etmiş, həmçinin Səid ibn Mənsur “Sunən” əsərində rəvayət etmişdir. (Cunub olanın dəstəmaz almaqla məsciddə qalması bəzi səhabələrin öz rəylərinə əsaslanaraq etdikləridir. Onların etdikləri ayədə nəzərdə tutulan və ət-Tabərinin də üstün gördüyü doğru mənaya müxalifdir. əl-Hafiz İbn Kəsir də ət-Tabərinin dediyi ilə razılaşmışdır. Əgər səhabənin dediyi və etdiyi Quran və Sünnəyə müxalifdirsə, dəlil olaraq götürülə bilməz. Bunu edən səhabə ictihad etdiyinə görə üzrlü sayılır, lakin kimsə bunu dəlil olaraq götürə bilməz. (Əhməd Şakir).
Uca Allah buyurur: “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa, su tapmasanız, pak torpaqla təyəmmüm edin”. Ayədə zikr edilən və təyəmmüm almağı icazəli edən xəstəlik su istifadə edildiyi təqdirdə hər hansı bir bədən üzvünün itirilməsindən, zədələnməsindən və ya sağalmasının gecikməsindən qorxulan hallardır. Bəzi alimlər ayənin ümumi mənasını götürərək istənilən xəstəlik səbəbindən təyəmmüm almağı icazəli görmüşlər. Ayədə zikr edilən səfər məlumdur və bu səfərin uzun və ya qısa olması fərq etməz.
Uca Allah buyurur: “yaxud sizlərdən biri ayaqyolundan gəlibsə”. Ayədə işlənən الْغَائِطُ [əl-ğa:it] “ayaqyolu” sözünün hərfi mənası “aran (alçaq) yer” deməkdir. Burada isə kiçik hədəs (namaz qılmağa mane olan səbəb) – ayaqyoluna gedib təbii ehtiyacını ödəmək nəzərdə tutulur.
Uca Allahın “və ya qadınlara toxunmusunuzsa” ayəsindəki لَامَسْتُمْ [lə:məstum] “toxunmusunuzsa” sözü həmçinin لَمَسْتُمْ [ləməstum] kimi də oxunmuşdur. Müfəssirlər və alimlər bu ayənin mənasında ixtilaf etmiş və ayəni iki cür şərh etmişlər:
Birinci: Ayədə “toxunmaq” dedikdə cinsi əlaqə nəzərdə tutulur, çünki Uca Allah başqa ayələrdə eyni sözü bu mənada işlədərək buyurur: “Qadınlar üçün mehr təyin etdikdən sonra yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz” (“əl-Bəqərə”, 237); “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa – onları yanınızda saxlamağa haqqınız yoxdur” (“əl-Əhzab”, 49). İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “və ya qadınlara toxunmusunuzsa” ayəsini cinsi əlaqə kimi təfsir etmişdir. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5367). Eyni təfsir Əli, Ubey ibn Kəb, əş-Şabi, Qatədə və başqalarından da rəvayət edilmişdir.
İbn Cərir rəvayət etmişdir ki, Səid ibn Cubeyr demişdir: “Bir toplumda “qadınlara toxunmaq” barədə söhbət açıldı. Ərəb olmayan bəzi adamlar “Burada cinsi əlaqə nəzərdə tutulmur” dedilər. Bəzi ərəblər isə “Toxunmaq dedikdə cinsi əlaqə nəzərdə tutulur” dedilər. Mən İbn Abbasın yanına gedərək ona “Əcəm və ərəblərdən ibarət bir dəstə insan “qadınlara toxunmaq” sözünün mənasında ixtilaf etmişlər. Əcəmlər “Cinsi əlaqə nəzərdə tutulmur” dedilər, ərəblər isə “Burada cinsi əlaqə nəzərdə tutulur” dedilər”. İbn Abbas “Bəs sən hansı dəstədən idin?” deyə soruşdu. Mən “Ərəb olmayanların rəyini dəstəklədim” dedim. İbn Abbas dedi: “Ərəb olmayan dəstə məğlub oldu. Həqiqətən, Quranda “toxunma”, “yaxınlıq etmə” sözləri cinsi əlaqə mənasındadır. Uca Allah istədiyi şeyə istədiyi kimi eyham edər”. (ət-Tabəri (9581, 9582). Hər iki isnad səhihdir (Əhməd Şakir). ət-Tabəri, 9638). Sonra İbn Cərir bu rəyi İbn Əbu Hatimin sözlərini nəql etdiyi şəxslərdən rəvayət edərək demişdir: “Digər alimlər isə söyləmişlər: “Uca Allah ayədə “toxunmaq“ dedikdə kişinin əl və ya hər hansı digər bir əzası ilə qadına toxunmasını nəzərdə tutmuşdur. Belə deyənlər, bədənlərinin hər hansı bir hissəsi ilə biri-birinə toxunan kişi və qadına dəstəmaz almağı vacib etmişlər”. (ət-Tabəri, 9605, 9661). Sonra İbn Cərir Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Toxunmaq cinsi əlaqə deyil”. (ət-Tabəri (9608). İsnadı səhihdir (Əhməd Şakir). ət-Tabəri, 9664). İbn Cərir bu rəyi müxtəlif yollarla İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir.
İbn Əbu Hatim demişdir: “Bu rəy İbn Ömər, Ubeydə, Əbu Osman ən-Nəhdi, Əbu Ubeydə (Abdullah İbn Məsudun oğlu), Amir, əş-Şabi və başqalarından da rəvayət edilmişdir”. (İbn Əbu Hatim, 5368). İbn Cərir rəvayət etmişdir ki, İbn Ömər qadınını öpdükdən sonra dəstəmaz alar və qadını öpdükdən sonra dəstəmaz almağın vacib olduğunu bildirərək deyərdi: “Qadını öpmək Allahın Quranda qeyd etdiyi “toxunmaq”dır”. (ət-Tabəri (9617). İsnadı səhihdir (Əhməd Şakir). ət-Tabəri, 9674).
Mən deyirəm: “Malik Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir kişinin arvadını öpməsi və əli ilə ona toxunması Allahın Quranda zikr etdiyi “toxunmaq” sayılır. Kim qadınını öpərsə və ya əli ilə ona toxunarsa, dəstəmaz almalıdır”. (“əl-Muvatta” səh. 43. Hədisin isnadı ən səhih sənədlərdən biri sayılır. (Əhməd Şakir). əd-Dəraqutni “Sunən” 518, 527; Malik, 95-96).
Qadına toxunduqdan sonra dəstəmaz almağın vacib olması İmam əş-Şafii və onun davamçılarının, İmam Malikin və İmam Əhməd ibn Hənbəlin məşhur olan rəyidir. Bu rəyi müdafiə edənlər belə demişlər: “Ayədəki “toxunmaq” mənasını ifadə edən لَامَسْتُمْ [lə:məstum] “toxunmusunuzsa” sözü həmçinin, لَمَسْتُمْ [ləməstum] kimi də oxunmuşdur. Şəriətdə bu söz əl ilə toxunmağa deyilir. Uca Allah buyurur: “Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!” deyərdilər” (“əl-Ənam”, 7). Həmçinin Peyğəmbər ﷺ zina etməsini etiraf edən Maizə bu etirafını geri götürməsinə eyham edərək “Ola bilsin, sən onu (qadını) öpdün və ya ona toxundun” demişdi. (əl-Buxari, 6324, 6824; Əhməd, 2129). Səhih hədisdə Peyğəmbər ﷺ demişdir: “Əlin zinası isə qadına toxunmaqdır”. (Əhməd, 8582, 8598. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1787). Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ bizi (zövcələrini) ziyarət edib öpmədiyi və toxunmadığı günlər az idi”. (əl-Hakim, 468). əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan hədisdə Peyğəmbər ﷺ “muləməsə” (malı gözlə görmədən, sadəcə, ona əl vurmaqla onu lazımınca yoxlamayıb razılaşaraq aparılan) alış-verişi qadağan etmişdir. Bu da hər iki mənada əl ilə toxunmağa qayıdır. Bu rəy sahibləri demişlər: “Bu söz (“toxunmaq”) lüğətdə cinsi əlaqə mənasında işləndiyi kimi, əl ilə toxunmaq mənasında da işlənir”.
Həmçinin bu rəyin sahibləri İmam Əhmədin Abdur-Rahmən ibn Əbu Leylədən, onun da Muazdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə əsaslanmışlar. Muaz (Allah ondan razı olsun) demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək soruşdu: “Ey Allahın Elçisi, cinsi əlaqədən başqa öz arvadı ilə etdiyi hər şeyi tanımadığı bir qadınla edən kişi barədə nə deyirsən (bunun kəffarəsi nədir)?” Bu səbəbdən Uca Allah “Gündüzün iki başında – əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (“Hud”, 114) ayəsini nazil etdi. Peyğəmbər ﷺ kişiyə dedi: “Dəstəmaz al, sonra namaz qıl!” Mən soruşdum: “Ey Allahın Elçisi, bu hökm yalnız ona aiddir, yoxsa bütün möminlərə?” Peyğəmbər ﷺ “Xeyr, bütün möminlərə aiddir” deyə cavab verdi”. (Əhməd, 22112, 22165, 22463; ət-Tirmizi, 3113, 3401. Şueyb əl-Arnavut hədisin raviləri arasında kəsiklik olduğunu qeyd etsə də, digər həsən hədislər bu hədisin məqbul olduğunu təsdiqləyir. Belə ki, səhabələrdən biri Əbul-Yəsar (Allah ondan razı olsun) demişdir: “Bir qadın xurma almaq üçün yanıma gəldi və mən ona “Evdə bunlardan da yaxşı xurmalarım var” deyib onu evə dəvət etdim. O mənimlə birgə içəri daxil oldu. Sonra mən ona sarılaraq onu öpdüm. Sonra Əbu Bəkrin yanına gəlib bu barədə ona xəbər verdim və o dedi: “Eybini gizlət, tövbə et və bu barədə heç kəsə xəbər vermə!” Mən dözməyib Ömərin yanına getdim və bu haqda ondan soruşdum. O da Əbu Bəkrin dediklərini dedi. Mən yenə də dözməyib Peyğəmbərin ﷺ yanına getdim. Bu barədə ona xəbər verdikdə o dedi: “Allah yolunda cihadda olanın ailəsi ilə bu cür davranırsan?!” Əbul-Yəsar özünün Cəhənnəm əhlindən olduğunu zənn etdi və yenidən müsəlman olmağını arzuladı. Peyğəmbər ﷺ bir müddət gözlədikdən sonra Uca Allah bu ayəni nazil etdi: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (“Hud”, 114). Əbul-Yəsar deyir: “Mən Peyğəmbərin ﷺ yanına gəldikdə o bu ayələri mənə oxudu və səhabələr “Ey Allahın Elçisi! Bu ayə yalnız Əbul-Yəsara aiddir, yoxsa bütün insanlara şamil edilir?” deyə soruşdular. O dedi: “Əksinə, bu ayə bütün insanlara şamil edilir”. ət-Tirmizi, 3115, 3403; əl-Buxari “Tarixul-Kəbir” 7/220-221; ət-Tabərani “Mucəmul-Kəbir” 15702; ət-Tabəri “Cəmiul-Bəyən” 18685, 18768. əl-Albani, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər). Hədisi ət-Tirmizi də rəvayət etmiş və sənədinin bitişik olmadığını bildirmişdir. Eyni hədisi ən-Nəsəi Abdur-Rahmən ibn Əbu Leylədən “mursəl” olaraq rəvayət etmişdir. Qadına toxunmaqla dəstəmazın vacib olması rəyində olanlar demişlər: “Bu hədisdə Peyğəmbər ﷺ kişiyə dəstəmaz almağı əmr etmişdir. Baxmayaraq ki, o, qadına, sadəcə, toxunmuşdur, cinsi əlaqədə olmamışdır”. Digər rəydə (qadına toxunmağın dəstəmazı vacib etməməsi rəyində) olanlar cavab olaraq demişlər: “Hədisin isnadı İbn Əbu Leylə ilə Muaz arasında kəsilir, çünki İbn Əbu Leylə Muazı görməmişdir. (Çünki Muaz (Allah ondan razı olsun) hicri 18-ci ildə vəfat etmişdir. Abdur-Rahmən ibn Əbu Leylə isə hicri 17-ci ildə anadan olmuşdur. Muaz (Allah ondan razı olsun) vəfat edəndə Abdur-Rahmənin bir yaşı olub. (Əhməd Şakir). Həmçinin ola bilsin ki Peyğəmbər ﷺ o kişiyə tövbə etmək üçün dəstəmaz alıb namaz qılmağı əmr etmişdir. Necə ki daha əvvəl Əbu Bəkr əs-Siddiqdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Günah edən elə bir kəs yoxdur ki, dərhal gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılsın və namazında Uca Allahdan bağışlanmasını diləsin, Allah da onun günahlarını bağışlamasın”. (“Ali-İmran” surəsinin 130-136-cı ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əhməd, 2; İbn Məcə, 1144, 1395. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1324).
Sonra İbn Cərir demişdir: “Bu iki rəydən ən doğru olanı Uca Allahın “və ya qadınlara toxunmusunuzsa” ayəsində “toxunma” sözünün cinsi əlaqə mənasında olub, bundan başqa mənalarda olmadığını söyləyənlərin rəyidir. Çünki səhih hədislərdə varid olmuşdur ki, Peyğəmbər ﷺ öz zövcələrindən birini öpdükdən sonra dəstəmaz almadan namaz qılmışdır”. Sonra İbn Cərir rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ dəstəmaz aldıqdan sonra zövcələrini öpər, sonra (yenidən) dəstəmaz almadan namaz qılardı”. (əd-Dəraqutni “Sunən” 497, 507; ət-Tabəri, 9629, 9688). Həmçinin Urvə Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ zövcələrindən birini öpdü, sonra namaza getdi və dəstəmaz almadı. Urvə dedi: “Mən Aişədən soruşdum: “Hər halda o sən olarsan?” O da güldü”. Hədisi bu şəkildə Əbu Davud, ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. (ət-Tabəri (9629, 9630). (Əhməd Şakir). ət-Tirmizi, 86; İbn Məcə, 502; Əbu Davud, 179. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 323). Əbu Davud demişdir: “əs-Səurinin belə dediyi rəvayət olunur: “Həbib yalnız Urvə əl-Muzənidən hədis rəvayət etmişdir”. (Əbu Davud, 180). Yəhya əl-Qattan bir kişiyə demişdir: “Mənim adımdan de ki, bu hədis səhih deyil”. ət-Tirmizi demişdir: “Eşitmişəm ki, əl-Buxari bu hədisi zəif görür və Həbibin Urvədən hədis eşitmədiyini deyir”. (ət-Tirmizi, 86). Lakin İbn Məcənin hədisində Həbib ibn Əbu Sabit, Urva ibn əz-Zubeyrdən, onun da Aişədən rəvayət etdiyi bildirilir. Bundan daha aydın isnad isə İmam Əhmədin “əl-Musnəd” əsərində hədisi Hişam ibn Urvənin atasından (Urvə ibn əz-Zubeyrdən), onun da Aişədən rəvayət etməsidir. Bu isnad açıq-aydın göstərir ki, hədis Urvə ibn əz-Zubeyrdən rəvayət olunmuşdur. Həmçinin Aişəyə “Hər halda o sən olarsan?” O da güldü” deməsi buna şahiddir. (Aişə Urvə ibn əz-Zubeyrin doğma xalası idi və bu sözü ona deməsi onlar arasında qohumluq əlaqəsinin olmasına dəlalət edir. Əhməd Şakir demişdir: “Aişənin (Allah ondan razı olsun) bu hədisini ət-Tirmizi (86) rəvayət etmişdir. Hədisin təxricini orada qeyd etmişik və hədisin səhih olduğunu bildirmişik. Həmçinin bildirmişik ki, bu məsələdə doğru olan rəy budur ki, qadına toxunmaq dəstəmazı pozmur. Ayədə “toxunmaq” dedikdə isə cinsi əlaqəyə eyham edilir. Bax: ət-Tirmizi (1/133-142)”. (Əhməd Şakir).
Bir çox alimlər Uca Allahın “su tapmasanız, pak torpaqla təyəmmüm edin” ayəsindən yanında su olmayan kəsin yalnız su axtardıqdan sonra təyəmmüm etməsinin icazəli olması hökmünü çıxarmışlar. Əgər su axtarıb tapa bilməzsə, bu zaman təyəmmüm etməsi icazəlidir. Yanında su olmayanın suyu necə axtarması isə fiqh kitablarında izah edilmişdir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət edilir ki, bir dəfə Peyğəmbər ﷺ namazı bitirdikdən sonra bir nəfərin kənara çəkilib camaatla namaz qılmadığını gördü və “Sənə camaatla namaz qılmağa nə mane oldu, ey filankəs? Məgər sən müsəlman deyilsən?” deyə soruşdu. O “Mən cunub oldum, su isə yoxdur” deyə cavab verdi. Peyğəmbər ﷺ (ona) “Torpaqdan istifadə et (təyəmmüm et)! Bu sənə kifayət edər” dedi”. (Əhməd, 19912, 20140. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 156).
Bu səbəbdən Uca Allah “su tapmasanız, pak torpaqla təyəmmüm edin” buyurur. Təyəmmüm sözünün lüğəti mənası “niyyət etmək”, “yönəlmək” deməkdir. الصَّعِيدُ [əs-sai:du] “torpaq” sözü isə صَعِدَ [saidə] “qalxmaq”, “çıxmaq” feilindən olub yerin üst qatında olan hər şeyə deyilir. Beləliklə, təyəmmüm alına bilən vasitələrə torpaq, qum, ağac, daş və bitkilər daxildir. Bu, İmam Malikin rəyidir. Bəzi alimlər təyəmmümü yalnız torpaq növündən olan qum, gips və əhəng kimi şeylərlə almağın icazəli olduğunu demişlər. Bu isə İmam Əbu Hənifənin məzhəbidir. Bəzi alimlər isə yalnız torpaqla təyəmmüm almağı icazəli görmüşlər. İmam əş-Şafii, İmam Əhməd ibn Hənbəl və onların məzhəbində olanların rəyi belədir. Bu rəydə olanlar Uca Allahın bu ayəsinə əsaslanmışlar: “Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (heç bir şey bitməyən qupquru) bir yer olsun!” (“əl-Kəhf”, 40), yəni düz və təmiz torpaq olsun. Bu rəydə olanlar həmçinin Muslimin “Səhih” əsərində Huzeyfə ibn əl-Yəməndən (Allah ondan razı olsun) rəvayət edilən bu hədisi dəlil gətirmişlər: Peyğəmbər ﷺ demişdir: “Biz (mənim ümmətim) üç xislətə görə digər ümmətlərdən üstün edildik; namazda səflərimiz mələklərin səfləri kimi edildi; yer üzünün hamısı bizə namazgah edildi; yer üzünün torpağı – su tapa bilmədiyimiz təqdirdə – bizə təmizlənmək üçün vasitə edildi”. (Muslim, 811, 1193). Bu rəydə olanlar demişlər: “Peyğəmbər ﷺ nemət olaraq təmizlənmə vasitəsi kimi torpağı qeyd etmişdir. Əgər onu başqa bir şey əvəz edə bilsəydi, Peyğəmbər ﷺ mütləq torpaqla birlikdə onu da qeyd edərdi”.
Ayədə keçən طَيِّباً [tayyibən] “pak” sözünün mənası barədə müxtəlif rəylər irəli sürülmüşdür. Bəzi alimlər bu sözün “halal” mənasında olduğunu, bəziləri isə “natəmiz olmayan” mənasında olduğunu demişlər. İbn Məcə istisna olmaqla “Sunən” əsərlərinin sahibləri ilə İmam Əhmədin Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “On il su tapa bilməsə belə, təmiz torpaq müsəlman üçün təmizləyicidir. Su tapdıqda isə qoy onu dərisinə sürtsün (qüsl etsin). Şübhəsiz ki, bu, onun üçün ən xeyirlisidir”. (ət-Tirmizi, 124; əl-Bəzzər, 3973, 10068; Əhməd, 21371, 21408, 21698; İbn Hibban, 1313. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1667, 3860). ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu, İbn Hibban isə səhih olduğunu bildirmişdir. Hədisi əl-Hafiz Əbu Bəkr əl-Bəzzər “Musnəd” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. əl-Hafiz Əbul-Həsən əl-Qattan səhih olduğunu demişdir. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Ən pak torpaq əkin torpağıdır”. İbn Mərdəveyh bu sözü Peyğəmbərə ﷺ nisbət etmişdir.
Uca Allah buyurur: “üzünüzə və əllərinizə sürtün!” Təyəmmüm dəstəmazı əvəz edir. Dəstəmaz alarkən yuyulan əzaların hamısına təyəmmümdə məsh çəkmək şərt deyil. Alimlərin yekdil rəyinə görə, təyəmmüm alarkən yalnız üz və əllərə məsh çəkmək kifayətdir. Bununla belə, alimlər təyəmmümün keyfiyyətində ixtilaf etmişlər. Bu məsələdə alimlərin rəyləri belədir:
Birinci rəy: əş-Şafiinin yeni görüşüdür. Bu rəyə görə, əllərin içi iki dəfə torpağa vurulmaqla üzə və dirsəklərə qədər əllərə çəkilməlidir. Çünki “əllər” dedikdə həm çiyinlərə qədər, həm dirsəklərə qədər olan hissə nəzərdə tutula bilər və hər ikisi də doğrudur. Necə ki dəstəmaz ayəsində bu nəzərdə tutulmuşdur. Həmçinin “əllər” dedikdə biləklərə qədər olan hissə də nəzərdə tutula bilər. Necə ki oğrunun cəzası barədə gələn ayədə olduğu kimi: “Oğru kişinin və oğru qadının etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq əllərini kəsin!” (“əl-Maidə”, 38). Bu rəydə olanlar demişlər: “Təyəmmüm ayəsində ümumi olaraq qeyd olunan “əllər” sözünü dəstəmaz ayəsində nəzərdə tutulan məna ilə (dirsəklərə qədər) açıqlamaq daha uyğundur. Çünki hər iki ayə təmizlik barəsindədir”. Bəziləri dəlil olaraq əd-Dəraqutninin İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi qeyd etmişlər. Peyğəmbər ﷺ demişdir: “Təyəmmüm əllərin içini iki dəfə torpağa vurmaqla alınır. Bir vuruş üz, digəri isə dirsəklərə qədər əllər üçündür”. (əd-Dəraqutni, 685; əl-Hakim, 634. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 3427). Lakin hədis səhih deyil, çünki hədisin isnadında zəif ravilər var. Əbu Davud İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ təyəmmüm alarkən əllərini divara sürtdü və üzünə çəkdi, sonra əllərini bir daha divara sürtdü və qollarına çəkdi. (Əbu Davud, 330. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 466). Lakin bu hədisin isnadında Muhəmməd ibn Sabit əl-Abdi adlı ravi var. Bəzi hədis alimləri bu ravini zəif saymışlar. Əbu Davuddan başqaları isə İbn Ömərin özünün belə etdiyini rəvayət etmişlər. əl-Buxari, Əbu Zura və İbn Adiy demişlər: “Doğru olan da budur”. (Yəni İbn Ömərin (Allah ondan razı olsun) belə etməsi). əl-Beyhəqi demişdir: “Bu hədisin Peyğəmbərə ﷺ nisbət olunması səhvdir”. İmam əş-Şafii İbn əs-Sammədən rəvayət etdiyi hədisi dəlil olaraq götürmüşdür. Hədisdə Peyğəmbərin ﷺ təyəmmüm edib üzünə və qollarına məsh çəkdiyi bildirilir. (“əl-Umm” (1/42), əş-Şafiinin “əl-Musnəd” əsəri (130), (1/44 əs-Sindinin tərtibi ilə), əl-Beyhəqi (1/205). (Əhməd Şakir). əş-Şafii “əl-Umm” 1/48, 1/65; “Musnəd” 71).
İkinci rəy: Əlin içini iki dəfə torpağa vurmaqla üzə və biləklərə qədər əllərə çəkmək lazımdır. Bu rəy İmam əş-Şafiinin köhnə rəyidir.
Üçüncü rəy: Üzə və əllərə çəkmək üçün əlləri bir dəfə torpağa vurmaq kifayətdir. İmam Əhməd Abdur-Rahmən ibn Əbzədən rəvayət etmişdir ki, bir kişi Ömərin yanına gəlib “Mən cunub oldum və su tapa bilmədim, indi nə edim?” dedi. Ömər ona “Namaz qılma” dedi. Bunu eşidən Ammar ibn Yasir Ömər ibn əl-Xattaba dedi: “Yadındadırmı, ey möminlərin əmiri! Bir dəfə biz səfərdə ikimiz də cunub olduq və su tapa bilmədik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üzə - bu üzə çevrilərək bədənimi torpağa sürtdüm və qalxıb namazımı qıldım. Mən bunu Peyğəmbərə ﷺ xəbər verdikdə o “Sənə belə etmək kifayət edərdi” deyib əllərini yerə vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovuclarını üzünə və biləyə qədər (əllərinə) sürtdü”. (“əl-Musnəd” (4/265 Hələbi nəşri), əl-Buxari (1/375-377 Fəthul-Bari), Muslim (1/110). Hədisin təxricini ət-Tabəridə (9657) qeyd etmişik. (Əhməd Şakir). Əhməd, 18332, 18358, 18522. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 161).
İmam Əhməd Şəqiqdən rəvayət etmişdir ki, “Bir dəfə mən Abdullah və Əbu Musa ilə birlikdə oturmuşdum. Əbu Musa Abdullahdan soruşdu: “Əgər bir adam (dəstəmaz almağa və ya qüsl etməyə) su tapa bilməsə, namaz qılmamalıdırmı?” Abdullah “Xeyr” deyə cavab verdikdə Əbu Musa dedi: “Yadındadırmı bir dəfə Ammar Ömərə dedi: “Xatırlayırsanmı, bir dəfə Peyğəmbər ﷺ səni və məni dəvələrin arxasınca göndərmişdi, mən yolda cunub oldum və yerə uzanıb o üzə - bu üzə çevrilərək bədənimi torpağa sürtdüm (sonra qalxıb namazımı qıldım). Peyğəmbərin ﷺ yanına qayıtdıqda bu barədə ona xəbər verdim. O gülümsəyərək “Sənə belə etmək kifayət edərdi” deyib əllərini yerə vurdu, sonra ovuclarını biləyə qədər əllərinə və eyni vuruşla üzünə bir dəfə sürtdü” dedi. Abdullah dedi: “Şübhəsiz, bu belədir, lakin Ömərin bununla razılaşdığını görmədim”. Əbu Musa dedi: “Bəs Uca Allahın “ən-Nisa” surəsindəki “su tapmasanız, pak torpaqla təyəmmüm edin” ayəsi necə olsun?” Abdullah onun nə demək istədiyini başa düşmədi və belə dedi: “Əgər biz insanlara təyəmmüm etməyi icazə versək, onlar su soyuq olduqda belə təyəmmüm edərlər”. (“əl-Musnəd” (4/265 Hələbi nəşri), əl-Buxari (1/376 Fəthul-Bari), Muslim (1/110), ət-Tabəri (9671) oxşar mətnlə rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 18329, 18335, 18519. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).
Uca Allah (“əl-Maidə” surəsindəki təyəmmüm ayəsində) buyurur: “Allah sizi çətinliyə salmaq istəməz”, yəni sizə buyurduğu dində sizi çətinliyə salmaq istəməz, “fəqət O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz” (Burada əl-Hafiz İbn Kəsir “əl-Maidə” surəsində gələn təyəmmüm ayəsinin təfsirini qeyd etmişdir. Ola bilsin o, bunu səhvən etmiş, ola da bilsin bilərəkdən mənanı tamamlamaq məqsədilə etmişdir. Hər halda buna diqqət etməmişdir. (Əhməd Şakir). – məhz buna görə su tapmadığınız təqdirdə torpaqla təyəmmüm etməyə icazə vermişdir. Həqiqətən, təyəmmüm Uca Allahın sizə olan böyük nemətidir və ümid olunur ki, bu nemətə görə Ona şükür edərsiniz.
Su olmadıqda təyəmmüm etməyin icazəli olması digər ümmətlərdən fərqli olaraq bu ümmətə xas olan bir şəriət qanunudur. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: “Bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı çatmış namazı qılmalıdır; (digər rəvayətdə “Ümmətimdən kimin namazının vaxtı çatarsa, bilsin ki, onun namazgahı da, təmizləyicisi də yanındadır”); qənimətlərin mənə halal olması, belə ki, bu məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; Qiyamət günü tərifəlayiq məqamda şəfaət verməyim; bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”. (əl-Buxari, 323, 335).
Muslimin Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Üç xislətə görə digər insanlardan (ümmətlərdən) üstün edildik; namazda səflərimiz mələklərin səfləri kimi edildi; yer üzünün hamısı bizə namazgah edildi; yer üzünün torpağı, su tapa bilmədiyimiz təqdirdə, bizə təmizlənmək üçün vasitə edildi”. (Muslim (1/147), hədis əvvəl keçmişdir. (Əhməd Şakir). Muslim, 810, 1191).
Uca Allah bu ayədə buyurur: “üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır”, yəni asanlıq və rahatlıq məqsədilə su tapmadığınız təqdirdə təyəmmüm almaqla namaz qılmağı sizə icazəli etməsi Uca Allahın əfvi və rəhmətidir. Bu ayə naqis halda namaz qılmaqdan çəkindirir. Yəni sərxoş insan ayılıb nə dediyini anlayana qədər, cunub olan qüsl alana qədər, dəstəmazı olmayan dəstəmaz alana qədər namaz qıla bilməz. Yalnız xəstə olanın və ya su tapa bilməyənin halı istisnadır. Uca Allah qullarına şəfqət və rəhmət olaraq belə vəziyyətlərdə onlara asanlıq üçün təyəmmüm almağa icazə vermişdir. Həmd və nemət Allaha məxsusdur.
 
Təyəmmüm ayəsinin nazilolma səbəbi
 
Təyəmmüm ayəsinin nazilolma səbəbini burada qeyd etməyimizin səbəb budur ki, “ən-Nisa” surəsindəki bu ayə “əl-Maidə” surəsindəki təyəmmümlə əlaqəli ayədən, yəni sərxoş-edici içkinin qəti olaraq haram edilməsindən əvvəl nazil olmuşdur. Sərxoşedici içkilər Uhud döyüşündən sonra, bir rəvayətə görə isə Uhud döyüşündən dərhal sonra Peyğəmbərin ﷺ Bənu Nadir qəbiləsini (xəyanət etdiklərinə görə) mühasirəyə aldığı ərəfədə haram edilmişdir. “əl-Maidə” surəsi isə, xüsusilə əvvəlki ayələri Qurandan ən son nazil olan ayələrdəndir. Bu səbəbdən təyəmmüm almağın icazəli edilməsinə səbəb olan hadisənin burada zikr olunması daha uyğundur. Bu işdə Allaha arxayınıq.
əl-Buxari Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, biz Peyğəmbərlə ﷺ birlikdə səfərə çıxdıq. Nəhayət, Beyda və ya Zatul-Ceyş deyilən yerə çatdıqda boyunbağım qırılıb yerə düşdü. Peyğəmbər ﷺ dayanıb boyunbağını axtarmağa başladı. Onun yanında olanlar da dayanmağa məcbur oldular. Ətrafda su olmadığından səhabələrdən bəziləri Əbu Bəkr əs-Siddiqin yanına gəlib dedilər: “Aişənin nə etdiyini görürsənmi? Allahın Elçisi və bu qədər camaat ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su olmayan yerdə dayanıblar”. Əbu Bəkr (mənim yanıma) gəldi. Bu vaxt Peyğəmbər ﷺ (boyunbağını axtarmaqdan yorulduğu üçün) başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr dedi: “Allahın Elçisini və bu qədər camaatı su olmayan bir yerdə, həm də su ehtiyatları olmadığı halda saxlamısan?” Sonra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh etdi. Bu vaxt Peyğəmbərin ﷺ başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Peyğəmbər ﷺ ayıldıqda paklanıb namaz qılmaq üçün su tapmadı. Elə bu səbəbdən də Uca Allah təyəmmüm ayəsini nazil etdi və onlar da təyəmmüm etdilər. Useyd ibn Xudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin ilk bərəkətiniz deyil”. Aişə dedi: “Sonra üstündə oturduğum dəvəni qaldırdıq və boyunbağını onun altından tapdıq”. Həmçinin hədisi Muslim də rəvayət etmişdir. (əl-Buxari (1/365-368 Fəthul-Bari), Əhməd (6/179 Hələbi nəşri), ət-Tabəri (9641). (Əhməd Şakir). əl-Buxari, 322, 324, 4241, 4607; Muslim, 550, 842).
İmam Əhməd Ammar ibn Yasirdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ zövcəsi Aişə ilə səfərdə olarkən Əvlətul-Ceyş deyilən yerdə dincəlmək üçün dayandı. Yola düşmək ərəfəsində Aişənin Yəmən əqiqindən (Əqiq – müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazırlanmasında və s. istifadə edilən bərk mineraldır. Yəmən əqiqi əqiqin qırmızı rəngli əla növüdür). olan boyunbağısı qırılıb düşdü və camaat onu axtarmaq üçün qaldı. Onlar səhər dan yeri sökülənə qədər boyunbağını axtardılar. Camaatda olan su ehtiyatı bitmişdi. Bu səbəbdən Uca Allah Peyğəmbərinə ﷺ pak torpaqla təyəmmüm etməyi icazə verən ayəni nazil etdi və müsəlmanlar Peyğəmbərlə ﷺ birlikdə qalxaraq əllərini torpağa vurdular, sonra əllərini üzərindəki torpağı çırpmadan üzlərinə və əllərinin üst tərəfdən çiyinlərinə qədər, iç tərəfdən isə ovuclarından qoltuqlarının altına qədər sürtdülər”. (“əl-Musnəd” (4/263-264). İsnadı səhihdir. Həmçinin ət-Tabəri (9670) bitişik olmayan isnadla rəvayət etmişdir. Hədisin səhih olduğunu və bitişik isnadlarını orada qeyd etmişik. (Əhməd Şakir). Əhməd, 18322, 18348, 18512. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
 
ən-Nisa, 44-46
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ * وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللَّهِ وَلِيًّا وَكَفَى بِاللَّهِ نَصِيرًا * مِنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَكِنْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
44. Kitabdan özlərinə pay verilmiş kəslərin azğınlığı satın aldıqlarını və sizi doğru yoldan azdırmaq istədiklərini görmürsənmi?
45. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Dost olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!
46. Yəhudilər kəlmələrin yerini dəyişdirir, “Eşitdik və asi olduq”, “eşit, eşitməz olasan” və dillərini əyərək və dinə tənə vuraraq “Bizə qayğı göstər!” deyirlər. Əgər onlar “Eşitdik və itaət etdik!”, “eşit” və “bizə nəzər yetir!” desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onlar olduqca az inanırlar.

 
Uca Allah bu ayələrdə yəhudilərdən bəhs edərək bildirir ki, onlar, doğru yolu azğınlığa dəyişmişlər, Allahın Öz Peyğəmbərinə nazil etdiklərindən üz çevirmişlər, dəyərsiz dünya mənfəətlərini əldə etmək üçün Muhəmmədin ﷺ vəsflərinə dair əvvəlki peyğəmbərlərdən aldıqları elmi tərk etmişlər, “və sizi doğru yoldan azdırmaq istədiklərini görmürsənmi”, yəni ey möminlər, onlar istəyirlər ki, sizə nazil olanı inkar edib üzərində olduğunuz doğru yolu və faydalı elmi tərk edəsiniz.
“Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır”, yəni Allah onlara yaxşı bələddir və sizi onlardan çəkindirir. “Dost olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!”, yəni Ona pənah gətirənə dost olaraq, Ondan kömək diləyənə isə köməkçi olaraq Allah yetər.
Sonra Uca Allah belə buyurur: “Yəhudilər...”, yəni əvvəlki ayədə Kitabdan pay verilmiş kəslər yəhudilərdir. Bu ayədə keçən مِنْ [min] önqoşması növü ifadə edir. Necə ki Uca Allah başqa bir ayədə eyni önqoşmanı bu mənada işlədərək “Elə isə murdar bütlərdən uzaq olun” (“əl-Həcc”, 30) buyurur.
Uca Allah buyurur: “Yəhudilər kəlmələrin yerini dəyişdirir...”, yəni onlar bilərəkdən və böhtan olaraq Allahın kəlamını Onun nəzərdə tutduğu mənada deyil, yanlış mənada şərh edirlər. “Eşitdik və asi olduq”, yəni onlar “Ey Muhəmməd, dediklərini eşitdik, lakin sənə itaət etmərik” deyirlər. Mucahid və İbn Zeyd ayəni bu şəkildə təfsir etmişlər və ayədə nəzərdə tutulan da budur. Onlar belə demələri ilə küfr və inadkarlıqlarını çox aydın bir şəkildə ifadə etmişlər. Belə ki, qazandıqları günahı və başlarına gələcək əzabı bilə-bilə Allahın Kitabını dərk etdikdən sonra ondan üz çevirirlər.
Həmçinin onlar “eşit, eşitməz olasan” deyirlər. Yəni bizim dediklərimizi eşit, eşitməz olasan. Mucahid və əl-Həsən isə ayəni “Yəni dinlə, onsuz da sən dediyin qəbul edilməyəcək” kimi təfsir etmişlər. Onların bu sözü istehza və hörmətsizlik məqsədi daşıyırdı.
Uca Allah buyurur: “və dillərini əyərək və dinə tənə vuraraq “Bizə qayğı göstər!” deyirlər”, yəni onlar dillərini əyərək رَاعِنَا [ra:inə] deyirdilər və bununla “Bizə qayğı göstər!” demək istədiklərini göstərirdilər. Halbuki bu sözlə رُعُونَة [ruu:nə] “səfeh” mənasını qəsd edirdilər. Bu barədə “əl-Bəqərə” surəsinin təfsirində məlumat verilmişdir. (“əl-Bəqərə” surəsinin 104-105-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir).
Bu səbəbdən Uca Allah dediklərinin əksini nəzərdə tutan bu yəhudilər barədə “dillərini əyərək və dinə tənə vuraraq” buyurur. Yəni onlar bu sözləri ilə Peyğəmbəri ﷺ təhqir etmək istəyirlər.
Sonra Uca Allah buyurur: “Əgər onlar “Eşitdik və itaət etdik!”, “eşit” və “bizə nəzər yetir!” desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onlar olduqca az inanırlar”, yəni onların qəlbləri xeyirdən məhrumdur və uzaqdır. Onlara fayda verəcək imandan qəlblərinə heç bir şey daxil olmaz. Uca Allahın “Onlar olduqca az inanırlar” sözünün təfsiri barədə əvvəl məlumat verilmişdir. (“əl-Bəqərə” surəsinin 88-89-cu ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Yəni onlar özlərinə fayda verəcək bir imanla iman gətirməzlər.
 
ən-Nisa, 47-48
يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِمَا مَعَكُمْ مِنْ قَبْلِ أَنْ نَطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا * إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا
47.Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi, onları da lənətləməmişdən öncə, yanınızda olanları təsdiqləyici kimi nazil etdiyimiz Qurana iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
48. Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur.
 
Uca Allah bu ayələrdə Kitab əhlinə qulu və elçisi Muhəmmədə ﷺ nazil etdiyi Əzəmətli Kitaba iman gətirməyi əmr edir. Bu Kitab özündə Peyğəmbərin ﷺ gəlişi barədə müjdələri təsdiq edən xəbərləri cəm etmişdir. Bunu etmədikləri təqdirdə isə onları hədələyərək “Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi, onları da lənətləməmişdən öncə” buyurur. Bəzi alimlər demişlər: “Üzlərin sıyırılması, onların ənsəyə çevrilməsi və gözlərinin arxada olmasıdır”. Ola bilsin, burada “üzləri sıyırıb göz və qulaq qalmayacaq hala salmadan, üstəlik onu arxa tərəflərinə çevirməzdən əvvəl” nəzərdə tutulur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Üzlərin sıyrılması, kor edilməsidir, “arxalarına çevirməmişdən”, yəni üzlərini ənsələrinə çevirərik və onlar arxa-arxaya gedərlər. Onların gözlərini ənsələrində edərik”. Qatədə də belə demişdir. Bu ifadə, cəza və əzabı ifadə etmək baxımından son dərəcə bəlağətlidir. Bu, Uca Allah tərəfindən onların haqdan üz döndərib batilə meyil etmələrinə, işıqlı yoldan dönüb azğınlıq yollarına düşmələrinə və tələsik arxaya doğru daldalı getmələrinə çəkdiyi bir məsəldir. Bəzi alimlərin dediklərinə görə, bu ifadə Uca Allahın “Biz onların boyunlarına zəncir vurmuşuq. Bu zəncirlər onların çənələrinə dirənib. Odur ki başları təkəbbürlə yuxarı qalxmışdır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər” (“Yasin”, 8-9) ayələrinə bənzəyir. Bu ayələr Uca Allahın onların azğınlıqlarına və insanları doğru yoldan azdırmalarına görə çəkdiyi bir məsəlidir. Mucahid demişdir: “Üzləri sıyırıb”, yəni doğru yoldan çevirib “arxalarına çevirməmişdən”, yəni azğınlığa çevirməmişdən”.
Uca Allah buyurur: “yaxud şənbə əhlini lənətlədiyimiz kimi, onları da lənətləməmişdən öncə” burada Uca Allah şənbə günü balıq ovlamaq üçün hiylə işlədərək həddi aşanları nəzərdə tutur. Uca Allah onları lənətləyib meymunlara və donuzlara çevirdi. Bu barədə daha geniş məlumat “əl-Əraf” surəsində gələcəkdir. (“əl-Əraf” surəsinin 163-cü ayəsində).
Uca Allah buyurur: “Allahın əmri mütləq yerinə yetəcəkdir”, yəni Allah bir əmr verdikdə, Onun əmrinə qarşı çıxacaq və bu əmrin yerinə yetməsinə mane olacaq heç bir güc yoxdur.
Sonra Uca Allah bildirir ki, “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz”, yəni Allahın hüzuruna Ona şərik qoşaraq gələn heç bir qulu bağışlamayacaqdır, “bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar”. Bu ayə ilə əlaqədar bir çox hədis varid olmuşdur. Bu hədislərdən bacardığımızı qeyd edək:
İmam Əhməd Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah qatında əməl dəftərləri üç növdür: birincisi Allahın içində yazılanlara əhəmiyyət vermədiyi dəftər; ikincisi Allahın içində yazılanlardan heç bir şeyi ötürmədiyi dəftər; üçüncüsü isə Allahın içində yazılanları əsla bağışlamayacağı dəftər. Allahın əsla bağışlamayacağı əməl dəftəri Allaha şərik qoşmaqdır, çünki Uca Allah buyurur: “Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər” (“əl-Maidə”, 72). Allahın əhəmiyyət vermədiyi əməl dəftəri qulun özü ilə Rəbbi arasında olan, bir gün orucu və ya bir namazı tərk etməsi kimi nəfsinə zülm etdiyi əməllərdir. Allah istəsə, bu günahları bağışlayar və əfv edər (istəsə də, cəzalandırar). Allahın içində yazılanlardan heç bir şeyi ötürməyəcəyi əməl dəftərinə gəlincə, bu, qulların bir-birlərinə etdikləri haqsızlıqlardır. Bu əməllərə görə (haqsız tərəfdən) mütləq qisas alınacaqdır”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (6/240 Hələbi nəşri). İsnadı səhihdir. Hədisi həmçinin, əl-Hakim rəvayət etmiş və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi demişdir: “Hədisi rəvayət edənlərdən Sadəqanın zəif olduğunu demişlər. İbn Bəbinus isə məchuldur”. Hədis “Məcməuz-Zəvaid” əsərində (1/348) yer almışdır. Əsərin müəllifi demişdir: “Hədisi Əhməd rəvayət etmişdir. Lakin sənədində Sadəqa ibn Musa var. Əksər alimlər onun zəif ravi olduğunu demişlər. Muslim ibn İbrahim demişdir: “Bizə Sadəqa ibn Musa hədis rəvayət etmiş və o “saduq” (mötəbərliyi orta dərəcədə olan) ravidir. “əd-Durrul-Mənsur” əsərində (2/170) hədis əlavə olaraq İbn əl-Munzirə, İbn Əbu Hatimə, İbn Mərdəveyhə və əl-Beyhəqinin “əş-Şuab” əsərinə nisbət olunmuşdur.
İbn Məin və başqaları Sadəqa ibn Musa əd-Dəqiqinin zəif olduğunu demişlər. “əl-Musnəd” əsərində (1707-ci hədisdə) bildirmişik ki, onun rəvayət etdiyi hədislər “həsən” dərəcəsindədir. Çünki, onun tələbəsi Muslim ibn İbrahim onu tərifləmişdir. Lakin araşdırdıqdan sonra deyə bilərik ki, onun hədisi “səhih” dərəcəsindədir. Çünki, əl-Buxari “əl-Kəbir” əsərində (2/2/298) onun tərcümeyi-halını qeyd etmiş və onun mötəbərliyinə xələl gətirən heç bir şey deməmişdir. Bu isə əl-Buxarinin nəzərində mötəbər olması deməkdir. Hədisin isnadında adı keçən İbn Bəbinusa gəlincə, adı Yəziddir və o, məşhur mötəbər tabiindir. əl-Buxari və İbn Əbu Hatim onun tərcümeyi-halını qeyd etmişlər. əl-Buxari onun mötəbərliyinə xələl gətirən heç bir şey deməmişdir. (Əhməd Şakir). Əhməd, 26073, 26559; əl-Hakim, 8717. Şueyb əl-Arnavut isnadının Sadəqa ibn Musaya görə zəif olduğunu bildirmişdir. Həmçinin bax: Daif əl-Cami, 3022).
İmam Əhməd Muaviyədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kafir olaraq ölən və bir mömini qəsdən öldürən adamdan başqa yerdə qalan günahları, ola bilsin ki, Uca Allah bağışlasın”. Bu hədisi ən-Nəsəi də rəvayət etmişdir. (“əl-Musnəd” (16978); ən-Nəsəi (2/163). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 16953, 17031; ən-Nəsəi “Sunən” 3919, 3984, 4001. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 2445).
İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Lə iləhə illəllah” deyən və (qəlbən) bunu təsdiqləyərək ölən hər bir bəndə mütləq Cənnətə girəcəkdir”. Mən soruşdum: “Zina və oğurluq etsə belə?” Dedi: “Zina etsə belə, oğurluq etsə belə”. Mən yenə soruşdum: “Zina və oğurluq etsə belə?” Dedi: “Zina etsə belə, oğurluq etsə belə”. Mən bu sualı üç dəfə təkrar etdim və hər dəfə eyni cavabı aldım. Sonra dördüncü dəfə dedi: “Əbu Zərin xoşuna gəlməsə belə”. Ravi deyir ki: “Əbu Zərr Peyğəmbərin ﷺ yanından çıxarkən öz-özünə dedi: “Əbu Zərin xoşuna gəlməsə belə”. Bundan sonra Əbu Zərr hər dəfə bu hədisi danışarkən “Əbu Zərin xoşuna gəlməsə belə!” deyərdi”. Bu hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (“əl-Musnəd” (5/166 Hələbi nəşri). (Əhməd Şakir). əl-Buxari, 5379, 5827; Muslim, 138, 283; Əhməd, 21504, 21798).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Zərin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Bir gecə çölə çıxmışdım. Birdən Peyğəmbəri ﷺ təkbaşına gedən gördüm. Yanında heç kim yox idi. Düşündüm ki, ola bilsin Peyğəmbər ﷺ tək gəzmək istəyir və buna görə ay işığı düşməyən qaranlıq yerlərlə getməyə başladım. Peyğəmbər ﷺ dönüb məni gördü və “Kimdir?” deyə soruşdu. Mən “Əbu Zərdir, canım sənə fəda olsun!” dedim. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Zərr, bura gəl!” Peyğəmbərlə ﷺ birlikdə bir müddət getdim. Sonra dedi: “Həqiqətən, dünya malı çoxaldanlar Qiyamət günü çox az şeyə sahib olacaqlar. Yalnız Allahın xeyir bəxş etməsi sayəsində bu maldan sağına, soluna, önünə xərcləyərək yaxşı işlər edənlər istisnadır”. Bir müddət getdikdən sonra Peyğəmbər ﷺ “Burada otur!” deyərək məni ətrafında daşlar olan bir yerdə oturtdu və dedi: “Mən qayıdana qədər burada otur!” Peyğəmbər ﷺ daşlıq ərazidə gözdən itənədək uzaqlaşdı. Uzun müddət orada tək qaldı. Sonra Peyğəmbərin ﷺ “Oğurluq etsə, zina etsə belə” deyərək gəldiyini eşitdim. Peyğəmbər ﷺ yaxınlaşdıqda özümü saxlaya bilmədim və soruşdum: “Ey Allahın Elçisi, canım sənə fəda olsun. Daşlıq ərazidə kimlə danışırdın? Mən sənə cavab verəni eşitmədim”. Peyğəmbər ﷺ dedi: “Bu, Cəbrail idi. Daşlıq ərazidə qarşıma çıxdı və dedi: ”Ümmətini müjdələ ki, kim Allaha heç bir şeyi şərik qoşmadığı halda ölərsə, Cənnətə girər”. Mən “Ey Cəbrail, oğurluq edib, zina etsə belə?” deyə soruşdum. O “Bəli” dedi. Mən bir daha “Ey Cəbrail, oğurluq edib, zina etsə belə?” deyə soruşdum. O yenə “Bəli” dedi. Mən bir daha “Ey Cəbrail, oğurluq edib, zina etsə belə?” soruşuqda O “Bəli, hətta içki içsə belə” deyə cavab verdi”. (əl-Buxari (11/221-223 Fəthul-Bari); Muslim (1/273); Əhməd (5/152 Hələbi nəşri) oxşar mətnlə rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 5962, 6443; Muslim, 1655, 2352).
Abd ibn Humeyd Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! (Cənnətə və Cəhənnəmə girməyi) vacib edən iki şey nədir?” Peyğəmbər ﷺ buyurdu: “Kim Allaha şərik qoşmayıb ölərsə, Cənnət ona vacib olar. Kim də Allaha şərik qoşub ölərsə, Cəhənnəm ona vacib olar”. Hədisi bu şəkildə yalnız Abd ibn Humeyd rəvayət etmişdir. (Hədisi başqa şəkildə Əhməd (14540, 14765, 15076, 15263) və Muslim (1/38) rəvayət etmişlər. Əhməd bu hədisi başqa bir uzun hədisin tərkibində də rəvayət etmişdir (15273). (Əhməd Şakir). Abd ibn Humeyd “Musnəd” 1060; Muslim, 135, 279; Əhməd, 15247, 19248).
İmam Əhməd Damdam ibn Cəus əl-Yəməminin belə dediyini rəvayət etmişdir: “Əbu Hureyra mənə dedi: “Ey Yəməmi, heç vaxt heç kimə “Allaha and olsun ki, Allah səni bağışlamayacaq” və ya “Allah heç vaxt səni Cənnətə daxil etməyəcək!” demə!“ Mən dedim: “Ey Əbu Hureyra! Bizlərdən biri qəzəbləndikdə qardaşına və ya yoldaşına belə deyir”. Əbu Hureyra dedi: “Heç vaxt belə demə! Çünki mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “İsrail oğullarında iki kişi var idi. Onlardan biri ibadətdə çalışqan idi, digəri isə günah edərdi. Onlar arasında qardaşlıq münasibəti vardı. İbadətdə çalışqan olan daim digərini günah edərkən görər və (hər dəfə ona) “Günahları tərk et!” deyərdi. O isə “Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərilmisən?” deyə cavab verərdi. Bir dəfə o, qardaşını böyük bir günah edərkən gördü və ona “Vay olsun sənin halına! Tərk et bu günahı!” dedi. O yenə cavabında “Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərilmisən?” dedikdə, qardaşı (qəzəblənib) “Allaha and olsun ki, Allah səni bağışlamayacaq!” və ya “Allah səni Cənnətə salmayacaq!” dedi. Bu zaman Allah bir mələk (ölüm mələyini) göndərdi və bu mələk onların ruhlarını alıb aləmlərin Rəbbinin hüzuruna gətirir. Allah günahkar olana deyir: “Rəhmətim sayəsində get və Cənnətə daxil ol!” Allah ibadətdə çalışqan olana deyir: “Sən Məni tanıyırdınmı? Sən Mənim Əlimdə olana sahib idinmi? Onu Cəhənnəmə aparın!” Əbu Hureyra dedi: “Əbul-Qasimin canı əlində Olana and olsun ki, o bir söz söylədi, onunla dünyası da, Axirəti də məhv oldu”. Hədisi Əbu Davud da rəvayət etmişdir. (Hədisi Əhməd (8275) rəvayət etmişdir. İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 8275; Əbu Davud, 4901, 4903. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4455; Mişkətul-Məsabih, 2347).
Uca Allah buyurur: “Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur”. Bu ayə Uca Allahın “Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (“Loğman”, 13) ayəsinə bənzəyir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, bir dəfə Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbərdən ﷺ “Hansı günah Allah yanında ən böyük günah sayılır?” deyə soruşdum. Peyğəmbər ﷺ dedi: “Səni yaratmış olduğu halda Allaha başqa birisini tay tutmağındır!” Sonra hədisin davamını qeyd etdi. (“ən-Nisa” surəsinin 29-31-ci ayələrinin təfsirində keçmişdir. əl-Buxari, 5542, 6001).
 
ən-Nisa, 49-52
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ بَلِ اللَّهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا * انْظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُبِينًا * أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَؤُلَاءِ أَهْدَى مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا * أُولَئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ وَمَنْ يَلْعَنِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ نَصِيرًا
49. Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çəyirdəyindəki lif qədər haqsızlıq edilməz.
50. Bax necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah olaraq onlara kifayət edər!
51. Kitabdan bir pay verilənləri görmədinmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də “Bunlar möminlərdən daha doğru yoldadırlar” deyirlər.
52. Onlar Allahın lənətlədiyi kimsələrdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapa bilməzsən.
 
əl-Həsən və Qatədə demişlər: “Uca Allahın “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsi yəhudi və xaçpərəstlərin “Biz Allahın oğulları və sevimliləriyik” (“əl-Maidə”, 18) demələrinə görə nazil olmuşdur”. İbn Zeyd isə demişdir: “Bu ayə onların “Biz Allahın oğulları və sevimliləriyik” (“əl-Maidə”, 18) və “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” (“əl-Bəqərə, 111) demələrinə görə nazil olmuşdur”. İbn Cərir Mucahidin belə dediyini rəvayət etmişdir: “Onlar dua və namazda imam olaraq uşaqları önə verirdilər və belə etməklə özlərinin günahsız olduqlarını sanırdılar”. (ət-Tabəri, 9803).
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Yəhudilər uşaqlarını önə keçirib namazlarını onlara qıldırardılar. Onlar uşaqların adından qurbanlar verirdilər və bu yolla günahlarının olmadığını iddia edirdilər. Halbuki onlar yalan danışırlar, çünki Uca Allah “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini nazil etməklə “Mən heç bir günahkarı günahı olmayan biri ilə təmizə çıxarmaram” buyurdu”. Sonra İbn Əbu Hatim demişdir: “Mucahid, Əbu Malik, əs-Suddi, İkrimə və əd-Dahhəkdən da oxşar təfsir rəvayət edilmişdir”. (Hədisin isnadı səhihdir. əs-Suyuti (2/170) hədisi yalnız İbn Əbu Hatimə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5830).
Bir rəyə görə isə bu ayə, ümumiyyətlə, öyünməyi və özünü təmizə çıxarmağı pisləmək üçün nazil olmuşdur. Muslim “Səhih” əsərində rəvayət etmişdir ki, əl-Miqdəd ibn əl-Əsvəd (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ bizə özünü tərifləyənlərin üzünə torpaq səpməyimizi əmr etmişdir”. (Muslim, 5322, 7697).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ bir kişinin başqa birini təriflədiyini eşitdi və belə dedi: “Vay sənin halına! Sən qardaşının boynunu qırdın!” Sonra buyurdu: “Sizdən biriniz öz qardaşını tərifləməyi lazım bilsə, qoy desin: “Mən onu filan cür adam hesab edirəm. Mən Allah qarşısında heç kəsi təmizə çıxartmıram”. (Bu hədis “ən-Nəcm” surəsinin 32-ci ayəsinin təfsirində gələcək. əl-Buxari, 2662; Muslim, 5319, 7693).
İmam Əhməd Məbəd əl-Cuhənidən rəvayət etmişdir ki, Muaviyə (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ çox nadir hallarda hədis rəvayət edərdi. Bununla belə, çox vaxt cümə günləri Peyğəmbərin ﷺ belə dediyini zikr edərdi: “Allah kimə xeyir nəsib etmək istəsə, ona dini başa düşməyi müyəssər edər. Bu dünya malı şirindir, kim onu halal yolla əldə edərsə, o mal onun üçün bərəkətli olar. Bir-birinizi tərifləməkdən çəkinin! Çünki kimisə tərifləmək onun başını kəsməkdir”. (Əhməd, 16883, 16949, 16971, 17027. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1196). İbn Məcə bu hədisin yalnız “Bir-birinizi tərifləməkdən çəkinin! Çünki kimisə tərifləmək onun başını kəsməkdir” hissəsini rəvayət etmişdir. Hədisin isnadında olan Məbəd – Məbəd ibn Abdullah ibn Uveym əl-Bəsri əl-Qadəridir. (“əl-Musnəd” (16908, 16917); İbn Məcə (3743). Məbəd əl-Cuhəni qəzavü-qədər mövzusunda ilk danışan adam olsa da, hədis rəvayətində mötəbərdir. İbn Məin onun mötəbər olduğunu demişdir. Əbu Hatim demişdir: “Hədis rəvayətində “saduq” idi”. (Əhməd Şakir). İbn Məcə, 3743. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1284).
İbn Cərir Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir kişi səhər dindar olaraq evindən çıxar, geri döndüyündə dinindən heç bir şey qalmaz. Belə ki, ona nə faydası nə də zərəri dəyməyən biri ilə qarşılaşar və onu yalandan tərifləyərək “Allaha and olsun ki, sən belə-belə adamsan” deyər. Nəticədə heç bir ehtiyacını ödəməmiş, üstəlik (bu sözü ilə) Allahı qəzəbləndirmiş halda geri dönər”. Sonra Abdullah ibn Məsud Uca Allahın “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini oxudu. (ət-Tabəri (9744). Hədis səhabənin sözüdür, isnadı yaxşıdır. (Əhməd Şakir). Əhməd, 9744, 9807). Bu mövzuda geniş məlumat Uca Allahın “Özünüzü təmizə çıxartmayın! Çünki O kimin Allahdan qorxduğunu yaxşı bilir” (“ən-Nəcm”, 32) ayəsinin təfsirində gələcəkdir. Bu səbəbdən Uca Allah ayənin davamında “Xeyr, Allah istədiyini təmizə çıxardar” buyurur. Yəni bu məsələdə qayıdış Uca və İzzət sahibi olan Allahadır. Çünki O hər işin əsl mahiyyətini və gizlində olanları ən yaxşı biləndir.
Sonra Uca Allah buyurur: “...onlara xurma çəyirdəyindəki lif qədər haqsızlıq edilməz”, yəni xurma çəyirdəyindəki lif ağırlığında olsa belə, heç kimin mükafatı kənarda qalmayacaq. İbn Abbas, Mucahid və sələf alimlərindən bir çoxları demişlər: “Xurma çəyirdəyindəki lif, xurma çəyirdəyinin ortasındakı yarıqda olan nazik teldir”. Həmçinin İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni onlara barmağına doladığın ip qədər haqsızlıq edilməyəcəkdir”. Hər iki rəy mənaca bir-birinə yaxındır.
Uca Allah buyurur: “Bax necə də Allaha qarşı yalan uydururlar”, yəni özlərini təmizə çıxarmaqla, Allahın oğulları və sevimliləri olduqlarını iddia etməklə, “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” (“əl-Bəqərə”, 111) və “Od bizə ancaq bir neçə gün toxunacaq!” deməklə ata-babalarının saleh əməllərinə güvənməklə Allaha qarşı yalan uydururlar. Halbuki Uca Allah ataların etdikləri saleh əməllərin övladlara heç bir fayda verməyəcəyini bu ayədə açıq-aydın bildirmişdir: “Onlar bir ümmət idi ki, gəlib-getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız” (“əl-Bəqərə”, 134). Uca Allah ayənin sonunda buyurur: “Bu, açıq-aşkar günah olaraq onlara kifayət edər!”, yəni onların bu etdikləri yalan və açıq-aşkar bir böhtan olaraq onlara yetər.
Uca Allah buyurur: “Kitabdan bir pay verilənləri görmədinmi? Özləri Cibt və Tağuta inanır”. Muhəmməd ibn İshaq rəvayət etmişdir ki, ayədə keçən “Cibt” sözünün mənası barədə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) belə demişdir: “Cibt sehrdir. Tagut isə şeytandır”. (ət-Tabəri, 9766). Bu təfsir İbn Abbas, Mucahid, Səid ibn Cubeyr və başqalarından da rəvayət edilmişdir. Bəziləri isə demişlər: “Cibt şeytandır”. əl-Cəuhəri özünün “əs-Sahhah” adlı izahlı lüğətində demişdir: “Cibt sözü bütə, kahinə, sehrbaza və s. bu kimi şeylərə deyilir. Hədisdə deyilir: “Hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etmək, quşların uçuşundan mənalar çıxarmaq və yerə xətt çəkməklə kahinlik etmək Cibtin növlərindəndir”. əl-Covhərinin qeyd etdiyi bu hədisi İmam Əhməd Qabisa ibn Məxariqdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Qabisa (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Həqiqətən, quşların uçuşundan mənalar çıxarmaq, yerə xətt çəkməklə kahinlik etmək və bəzi hadisələri uğursuzluq əlaməti hesab etmək Cibtin növlərindəndir”. Auf hədisi şərh edərək demişdir: “Hədisdə keçən الْعِيَافَةُ [iyə:fə] sözü quşların uçuşundan mənalar çıxarmaqdır. الطَّرْقُ [Tarq] isə yerə xətt çəkməklə kahinlik etməkdir. Cibt isə, əl-Həsənin dediyinə görə, şeytandır”. Hədisi Əbu Davud, ən-Nəsəi və İbn Əbu Hatim bu şəkildə rəvayət etmişlər. (“əl-Musnəd” (5/60 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 20623, 20880. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Tağut barədə “əl-Bəqərə” surəsinin təfsirində danışdığımıza görə burada təkrar qeyd olunmasına ehtiyac yoxdur. (“əl-Bəqərə” surəsinin 256-cı ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “...və kafirlər üçün də “Bunlar möminlərdən daha doğru yoldadırlar” deyirlər”, yəni onlar cahilliklərindən, dinlərinə qiymət vermədiklərindən və əllərində olan Allahın Kitabını qəbul etmədiklərindən dolayı kafirləri müsəlmanlardan üstün tuturlar. İbn Əbu Hatim İkrimənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Huyey ibn Əxtab və Kəb ibn əl-Əşrəf Məkkə müşriklərinin yanına gəldilər. Məkkəlilər onlara dedilər: “Siz Kitaba və dini elmə sahibisiniz. Bizə, bizim və Muhəmmədin halı (hansımızın daha xeyirli olduğu) barədə xəbər verin!” Onlar “Sizin etdiyiniz nədir? Muhəmmədin etdiyi nədir?” deyə soruşdular. Məkkəlilər dedilər: “Biz qohumluq əlaqələrini yaxşılaşdırırıq, iri hörgüсlü seçmə dəvələri qurban kəsirik, südün üzərinə (sərin olması üçün) su töküb insanlara ikram edirik, əsirləri azad edirik, zəvvarlara su paylayırıq. Muhəmməd isə sonsuz bir adamdır, bizimlə əlaqələri kəsmişdir. Ona tabe olanlar isə zəvvarlardan oğurluq edən Ğaffər qəbiləsidir. İndi siz deyin, biz daha xeyirliyik, yoxsa o?” Huyey və Kəb “Siz daha xeyirli və daha doğru yoldasınız” dedilər. Uca Allah da “Kitabdan bir pay verilənləri görmədinmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də “Bunlar möminlərdən daha doğru yoldadırlar” deyirlər” ayəsini nazil etdi”. Bu hədis başqa şəkildə İbn Abbas və bir çox sələfdən rəvayət edilmişdir. (İkrimənin hədisi “mursəl”dir (Peyğəmbərlə - ona Allahın salavatı və salamı olsun - tabiin arasında olan ravi düşmüşdür). Hədisi əs-Suyuti (2/171) həmçinin Səid ibn Mənsura, İbn əl-Munzirə və Əbu Hatimə mursəl olaraq nisbət etmişdir. Daha əvvəl hədisi ət-Tabərani və əl-Beyhəqiyə İkrimənin İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayəti ilə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5441). İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Kab ibn əl-Əşrəf Məkkəyə gəldikdə Qureyşlilər ona dedi: “Qövmündən üz döndərən bu sonsuzu görmürsənmi? Özünü bizdən daha xeyirli sanır. Halbuki biz zəvvarların və Kəbənin xidmətçiləriyik. Biz həcc etməyə gələn zəvvarlara su verənlərik”. Kəb dedi: “Siz daha xeyirlisiniz”. Bu səbəbdən Uca Allahın “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur” (“əl-Kövsər”, 3) və “Kitabdan bir pay verilənləri görmədinmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar” deyirlər. Onlar Allahın lənətlədiyi kimsələrdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapa bilməzsən” (“ən-Nisa”, 51-52) ayələri nazil oldu”. (əl-Hafiz İbn Kəsir hədisi İmam Əhmədə nisbət etmişdir. Həmçinin əs-Suyuti (2/171) hədisi Əhmədə nisbət etmişdir. Lakin mən bu hədisi İbn Abbasın (Allah ondan razı olsun) hədislərinin sırasında tapa bilmədim. Ola bilsin, hədis İmam Əhmədin başqa kitablarında yer almışdır. Hədisi ət-Tabəri (9786) də rəvayət etmişdir. əs-Suyuti hədisi əlavə olaraq İbn əl-Munzirə və Əbu Hatimə nisbət etmişdir. İbn Kəsir oxşar hədisi “əl-Kövsər” surəsinin təfsirində əl-Bəzzərin rəvayəti ilə qeyd etmiş və demişdir: “Bu, səhih isnaddır”. (Əhməd Şakir). ət-Tabəri 9786, 9851. Şeyx Muqbil səhih olduğunu bildirmişdir).
İbn İshaq İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Xəndək döyüşündə müsəlmanlara qarşı ittifaqa girənlər Qureyş, Ğatafən və Bənu Qureyza qəbilələrindən Huyey ibn Əxtab, Salam ibn Əbu Huqeyq, Əbu Rafi, ər-Rabi ibn Əbu Huqeyq, Əbu Ammar, Vahah ibn Amir, Həuzə ibn Qeys idilər. Bunlardan Vahah, Əbu Ammar və Həuzə Bənu Vail qəbiləsindən, yerdə qalanları isə Bənu Nadir qəbiləsindən idi. Onlar Qureyş qəbiləsinə gəldikdə qureyşlilər dedilər: “Bunlar yəhudilərdir, ilk səmavi kitabları bilənlərdir. Onlardan soruşun ki, sizin dininiz daha xeyirlidir, yoxsa Muhəmmədin gətirdiyi din?” Qureyşlilər bunu soruşduqda onlar dedilər: “Əksinə, sizin dininiz onun dinindən daha xeyirlidir. Siz ondan və ona tabe olanlardan daha doğru yoldasınız”. Bu səbəbdən Uca Allah “Kitabdan bir pay verilənləri görmədinmi?” ayəsini “onlara böyük bir səltənət vermişdik” (“ən-Nisa”, 51-54) sözünə qədər nazil etdi. (ət-Tabəri (9792) İbn İshaqın rəvayəti ilə. (Əhməd Şakir). ət-Tabəri, 9792, 9858; əl-Beyhəqi “Daləilun-Nubuvvə” 3/408). Uca Allah bu ayələrlə onları lənətləyərək onların nə dünyada, nə də Axirətdə heç bir köməkçilərinin olmadığını xəbər verir, çünki onlar müşriklərdən yardım və kömək istəmək üçün getmişdilər və müşriklərə “Bunlar möminlərdən daha doğru yoldadırlar” deməklə onları özlərinə yardım etməyə cəlb etmək istəyirdilər. Müşriklər də onların bu çağırışlarına cavab verərək Əhzab günündə (Xəndək döyüşündə) onlarla birlikdə gəlmişdilər. Peyğəmbər ﷺ və səhabələri onlardan müdafiə olunmaq üçün Mədinə şəhərinin ətrafına xəndək qazdılar və beləcə, Allah müsəlmanları onların şərindən qorudu. Uca Allah bu xüsusda buyurur: “Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir” (“əl-Əhzab”, 25).
 
ən-Nisa, 53-55
أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا * أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا * فَمِنْهُمْ مَنْ آمَنَ بِهِ وَمِنْهُمْ مَنْ صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا
53. Yoxsa onların hökmranlıqdan bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çəyirdəyindəki oyuq qədər bir şey verməzdilər.
54. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?! Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.
55. Onlardan kimisi ona iman gətirdi, kimisi də ondan üz çevirdi. Yandırıb-yaxan od olaraq Cəhənnəm onlara yetər.
 
Uca Allah buyurur: “Yoxsa onların hökmranlıqdan bir payı vardır?” Bu, inkar mənasında olan sual cümləsidir. Yəni onların hökmranlıqdan heç bir payları yoxdur. Sonra Uca Allah onları xəsisliklə vəsf edərək “Elə olsaydı, onlar insanlara xurma çəyirdəyindəki oyuq qədər bir şey verməzdilər” buyurur. Yəni əgər onların mülkdən bir payları olsaydı və bu mülkü istədikləri kimi sərf etmək hüququna malik olsaydılar, insanlardan heç kimə, xüsusilə də Muhəmmədə ﷺ heç bir şey, hətta xurma çəyirdəyindəki oyuğu dolduracaq qədər bir şey belə verməzdilər. İbn Abbas və bir çoxlarının fikrinə görə, ayədə keçən النَّقِيرُ [nəqi:r] sözü xurma çəyirdəyindəki oyuqdur.
Bu ayə məna baxımından bu ayəyə bənzəyir: “De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də onun xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz” (“əl-İsra”, 100). Yəni siz əlinizdə olanın bitməsindən qorxaraq xəsislik edərdiniz. Halbuki Allahın rəhmət xəzinələrinin tükənməsi təsəvvür edilə bilməz. Bu, sizin həddən artıq xəsis olmağınıza görədir. Bu səbəbdən Uca Allah ayənin sonunda “Çünki insan xəsisdir” buyurur.
Sonra Uca Allah buyurur: “Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?!” Bu ayədə Allahın Peyğəmbərə ﷺ bəxş etdiyi böyük peyğəmbərlik nemətinə və bu Peyğəmbərin ﷺ İsrail oğullarından deyil, ərəblərdən çıxmasına görə yəhudilərin ona həsəd aparmaları nəzərdə tutulur. Bu həsədləri onlara Peyğəmbəri ﷺ təsdiq etməyə mane oldu.
Uca Allah buyurur: “Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik”. Yəni biz İbrahimin (ona salam olsun) nəslindən gələn İsrail oğullarından peyğəmbərlər seçdik, onlara kitablar nazil etdik. Bu peyğəmbərlər Allahın onlara nazil etdiyi kitablarla yəhudilər arasında hikmətlə hökm edərdilər. Həmçinin onlardan hökmdarlar çıxartdıq. Bununla belə, “Onlardan kimisi ona iman gətirdi”, yəni onlara göndərilən peyğəmbərə və bu nemətə iman gətirdi, “kimisi də ondan üz çevirdi”, yəni bu peyğəmbəri və neməti inkar etdi və ondan üz çevirdi. Bununla kifayətlənməyib insanları da ondan üz çevirməyə sövq etdi. Baxmayaraq ki, bu peyğəmbər onlarla eyni nəsildən, İsrail oğullarından idi, onlar onun barəsində ixtilafa düşdülər. Elə isə, səncə, ey Muhəmməd, sən İsrail oğullarından olmadığın halda sənə qarşı necə davranacaqlar? Mucahid demişdir: “Onlardan kimisi ona iman gətirdi”, yəni Muhəmmədə ﷺ iman gətirdi.
Uca Allah buyurur: “kimisi də ondan üz çevirdi”, yəni öz peyğəmbərlərini inkar edənlər səni inkar etməkdə daha şiddətli olacaqlar, onlara gətirdiyin doğru yoldan və açıq-aydın həqiqətlərdən daha uzaq olacaqlar. Bu səbəbdən Uca Allah onları təhdid edərək “Yandırıb-yaxan od olaraq Cəhənnəm onlara yetər” buyurur. Yəni haqqı inkar etmələrinə, inadkarlıq göstərmələrinə, Allahın kitablarına və peyğəmbərlərinə qarşı çıxmalarına cəza olaraq Cəhənnəm onlara kifayət edər.
 
ən-Nisa, 56-57
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا * وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا
56. Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
57. İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün pak
zövcələr vardır. Biz onları sıx kölgəlikdə yerləşdirəcəyik.
 
Uca Allah ayələrini inkar edərək elçilərindən üz çevirənləri Cəhənnəm atəşi ilə cəzalandıracağını xəbər verərək “Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq” buyurur. Yəni onları elə bir oda atacağıq ki, atəşi onların hər hissələrini və hər yerlərini əhatə edəcək. Sonra Uca Allah onların cəza və əzablarının davamiyyətli olacağını bildirərək “Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik” buyurur.
İmam Əhməd İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Cəhənnəm əhli oda düşdükdə böyüyəcəklər. O qədər böyüyəcəklər ki, onlardan birinin qulağının mərcəyi ilə çiyninin arası yeddi yüz illik məsafə uzunluğunda, dərisinin qalınlığı yetmiş qulac, azı dişi isə Uhud dağı böyüklüyündə olacaq”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (4800). (Əhməd Şakir). Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1323. Oxşar hədis Muslimin “Səhih” əsərində gəlmişdir: Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “(Cənənnəmdə) Kafirin azı dişi və ya köpək dişi Uhud dağı böyüklüyündə olacaqdır. Dərisinin qalınlığı isə üçgünlük yol qədər olacaqdır”. (Muslim, 2851, 5090, 7364). Başqa bir rəvayətdə “Cəhənnəmdə kafirin iki çiyninin arası, sürətli bir atlının üç gündə qət edəcəyi məsafə uzunluqda olacaq”. (Muslim, 2852, 5091, 7365).
Uca Allah buyurur: “İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik”. Uca Allah bu ayədə xoşbəxt olanların Ədn cənnətlərindəki halı barədə xəbər verir. Ədn cənnətlərinin hər yerində və hər tərəfində çaylar axır. Bu çaylar Cənnət sakinlərinin istədikləri kimi, istədikləri istiqamətə axacaq. Onlar orada əbədi qalacaqlar. Orada dəyişməyəcəklər (qocalmayacaqlar), yox olmayacaqlar (ölməyəcəklər) və oranı başqa bir yerə dəyişmək istəməyəcəklər.
Uca Allah buyurur: “Orada onlar üçün pak zövcələr vardır”, yəni oradakı zövcələr heyzdən, nifasdan, natəmizliklərdən, pis əxlaqi keyfiyyətlərdən və xilqəti eyiblərdən təmiz olacaqlar.
Uca Allah buyurur: “Biz onları sıx kölgəlikdə yerləşdirəcəyik”, yəni uzun, geniş və rahat kölgəlikdə yerləşdirəcəyik. İbn Cərir bu barədə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Cənnətdə elə bir ağac vardır ki, atlı onun kölgəsində yüz il yol gedəcək, amma onu qət edə bilməyəcək. Bu, əbədiyyət ağacıdır”. (ət-Tabəri (9838); Əhməd (9870, 9951). Hədisin əsli müxtəlif mətnlərlə “əl-Musnəd”, əl-Buxari və Muslimin “Səhih” əsərlərində və başqa kitablarda “Bu, əbədiyyət ağacıdır” hissəsi qeyd edilmədən Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilmişdir. Bax: “əl-Musnəd” (7489). (Əhməd Şakir).
 
ən-Nisa, 58
إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا
58. Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.
 
Uca Allah bu ayədə əmanətləri öz sahiblərinə qaytarmağı əmr edir. Səmuradan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Sənə etibar edənin əmanətini ödə (sənə bir şey əmanət edənə əmanət etdiyi şeyi geri ver). Sənə xainlik edənə isə sən xəyanət etmə”. (Əhməd, 15462, 15502; ət-Tirmizi, 1264, 1311; Əbu Davud, 3535. Hədis səhihdir. Bax: Silsilə əs-Sahihə, 423. Əhməd Şakir demişdir: “Məncə əl-Hafiz İbn Kəsir bu hədisi Səmuradan rəvayət etməklə səhv etmişdir. Çünki mən bu hədisi Səmuranın (Allah ondan razı olsun) rəvayəti ilə nə “əl-Musnəd” əsərində, nə də başqa əsərlərdə tapa bilmədim. Hədisi Əbu Davud (3535), ət-Tirmizi (2/251-252), əd-Dərimi (2/264) və əl-Hakim (2/46) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. ət-Tirmizi hədisi “həsən-ğarib” adlandırmışdır. əl-Hakim isə hədisin Muslimin şərtinə görə səhih olduğunu bildirmiş, əz-Zəhəbi də onunla razılaşmışdır. əl-Hakim bu hədisi gücləndirmək məqsədilə ardınca eyni hədisi Ənəsdən (Allah ondan razı olsun) də rəvayət etmişdir”). Hədisi İmam Əhməd və “Sunən” əsərlərinin sahibləri rəvayət etmişlər. Bu hədis insana vacib olan bütün əmanətləri əhatə edir. Bu əmanətlərə həm Allahın haqları, yəni yerinə yetirilib-yetirilməməsindən bəndələrin xəbərsiz olduğu namaz, zəkat, kəffarələr, nəzirlər, oruc və bu kimi haqlar, həm də qul haqları, yəni etibar edilən əşyalar kimi qulların bir-birlərinin üzərində olan və sübut edilməsi üçün dəlilə ehtiyac duyulmayan haqlar daxildir. Uca Allah bütün bu əmanətləri ödəməyi əmr etmişdir. Dünyada bu əmanətləri ödəməyən kəslərdən Qiyamət günü onların qarşılığı alınacaq. Səhih bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü haqları sahiblərinə mütləq verəcəksiniz. Hətta buynuzsuz qoyunu vurduğuna görə buynuzlu qoçdan qisas alınacaq”. (Bu hədis dəlalət edir ki, Qiyamət günü heyvanlar da dirildiləcəklər. Həmçinin buna Uca Allahın “vəhşi heyvanlar (Qiyamət günü) bir yerə toplanacağı zaman” (“ət-Təkvir”, 5) ayəsi dəlalət edir. Başqa bir səhih hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Allah bütün məxluqlar – cinlər, insanlar, heyvanlar arasında hökm edəcək. Hətta buynuzlu qoçdan buynuzsuz qoyunu vurduğuna görə qisas alacaqdır. Heç kimdə heç kimin haqqı qalmadıqdan sonra Uca Allah heyvanlara “Torpaq olun!” deyəcəkdir. Məhz bu anda kafir insan “Kaş ki torpaq olaydım!” deyə təmənna edəcəkdir”. Əhməd, 7203; İbn Hibban, 7363. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1967. Əhməd Şakir demişdir: “Hədisi Əhməd “əl-Musnəd” əsərində (7203, 7983, 8271) və Muslim (2/283-284) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər”).
İbn Əbu Hatim Zazandan, o da Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Allah yolunda şəhid olmaq insanın bütün günahlarını silir, yalnız əmanət istisnadır. Qiyamət günü insan, Allah yolunda öldürülmüş olsa belə, gətiriləcək və ona “Əmanətini qaytar” deyiləcək. O isə “Dünya həyatı bitdiyi halda, mən onu necə ödəyim?” deyəcək. Bu zaman əmanət onun üçün Cəhənnəm çuxurunda canlandırılacaq və o bu əmanətə tərəf enəcək. Sonra əmanəti çiynində daşıyaraq çıxartmaq istəyəcək. Yuxarı çatana yaxın əmanət onun çiynindən düşəcək və o onun dalınca yenə aşağı enəcək. Beləcə, əbədi olaraq Cəhənnəmdə əmanətin dalınca düşüb-qalxacaq”. Zəzən dedi: “əl-Bəranın yanına getdim və bu hədisi ona danışdım. əl-Bəra “Qardaşım doğru deyir” dedikdən sonra Uca Allahın “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir” ayəsini oxudu”. (İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. əs-Suyuti (2/175) hədisi əlavə olaraq Abdur-Razzəqə, İbn Əbu Şeybəyə, Abd ibn Humeydə, İbn əl-Munzirə və əl-Beyhəqinin “Şuab” əsərinə nisbət etmişdir. Hədis zahirən İbn Məsudun və əl-Bəranın (Allah onlardan razı olsun) sözü olsa da, Peyğəmbərə ﷺ nisbət olunmuş hədis hökmündədir. Çünki belə bir şeyi insan özündən deyə bilməz. Demək ki, onlar bunu Peyğəmbərdən ﷺ eşitmişlər. (Əhməd Şakir). İbn Əbu Hatim, 5512; əl-Beyhəqi “Şuabul-İman” 4885. Hədis həsəndir. Bax: Səhih Tərğib vət-Tərhib, 1763, 2995).
Bir çox təfsir alimləri bu ayənin Osman ibn Talhə ibn Əbu Talhə (Allah ondan razı olsun) barədə nazil olduğunu qeyd etmişlər. Əbu Talhənin adı Abdullah ibn Abduluzza ibn Osman ibn Abdud-Dər ibn Quseyy ibn Kiləb əl-Quraşi əl-Əbdəri idi. O, Kəbənin açarına sahib olan şəxslərdən biri idi. Bu şəxs günümüzə qədər Kəbənin açarına sahib olan Şeybə ibn Osman ibn Əbu Talhənin əmisi oğlu idi. Osman, Hudeybiyyə sülhünün bağlanması ilə Məkkənin fəthi arasında olan ərəfədə Xalid ibn əl-Valid və Amr ibn əl-Asla (Allah onlardan razı olsun) birlikdə İslamı qəbul etmişdi. Əmisi Osman ibn Əbu Talhə isə Uhud döyüşündə müşriklərin bayrağını daşıyan idi və o gün kafir olaraq öldürülmüşdü. Osman ilə Şeybə arasında olan bu qohumluğu qeyd etməyimizin səbəbi, bir çox təfsirçilərin (səhabə olan) Osman ibn Talhə ilə (kafir kimi ölmüş) əmisi Osman ibn Əbu Talhəni səhv salmalarıdır. (Bax: əl-Musabın “Nəsəb Qureyş” (Qureyşin nəsəbi) (səh. 251-253) və İbn Həzmin “Cəmhərətun-Nəsəb” (səh. 118) əsərlərinə. (Əhməd Şakir). Bu ayənin Osman ibn Talhə (Allah ondan razı olsun) barəsində nazilolma səbəbi belədir: Peyğəmbər ﷺ Məkkənin fəthi günü Kəbənin açarını ondan aldı, sonra isə (bu ayənin nazil olması səbəbindən) geri qaytardı.
İbn İshaq Məkkənin fəthi barədə Safiyyə bint Şeybədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Məkkədə qərar tutduqdan və insanlar sakitləşdikdən sonra Kəbəyə gəldi. Dəvəsinin üzərində onu yeddi dəfə təvaf etdi. Təvaf əsnasında əlindəki əsa ilə qara daşa toxunurdı. Təvafı bitirdikdən sonra Osman ibn Talhəni çağırıb Kəbənin açarını ondan aldı. Kəbənin qapısını onun üçün açdılar və o içəri girdi. Kəbənin içində taxtadan düzəldilmiş bir göyərçin gördü və onu əlləri ilə qırıb çölə atdı. Sonra Peyğəmbər ﷺ Kəbənin qapısında dayandı. İnsanlar isə məsciddə onu dinləmək üçün toplaşmışdılar.
İbn İshaq deyir: “Bəzi alimlərin mənə danışdıqlarına görə, Peyğəmbər ﷺ həmin gün Kəbənin qapısında dayanıb belə dedi: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, Təkdir. Onun şəriki də yoxdur. O, vədinə əməl etdi, Öz bəndəsinə kömək etdi, Əhzab (Xəndək) döyüşündə tayfaları tək Özü məğlub etdi. Bilin ki, Kəbəyə xidmət etmək və ziyarətə gələnləri su ilə təmin etməkdən başqa cahiliyyə dövründə tökülən qan, iddia olunan mal və edilən bütün xidmətlər bu iki ayağımın altındadır (ləğv olunur)”. Sonra İbn İshaq Peyğəmbərin ﷺ o gün dediyi xütbənin davamını qeyd edərək dedi: “Sonra Peyğəmbər ﷺ məsciddə oturdu. Əli ibn Əbu Talib əlində Kəbənin açarı ayağa qalxaraq dedi: “Ey Allahın Elçisi, ziyarətə gələnləri su ilə təmin etməklə birlikdə Kəbə açarına sahib olmaq hüququnu da bizə ver. Allahın salavatı və salamı sənin üzərinə olsun!” Peyğəmbər ﷺ soruşdu: “Osman ibn Talhə haradadır?” Osman ibn Talhə gəldikdə, Peyğəmbər ﷺ ona “Ey Osman, açarını al! Bu gün əhdə vəfa və yaxşılıq etmək günüdür” dedi”. (İbn Hişamın “Sira” əsəri (səh. 820-821 Urba nəşri). (Əhməd Şakir). İbn Hişam, 3/509, 5/73*/ Bu hədislər, ayənin bu barədə (Osman ibn Talhə haqqında) nazil olduğuna dair məşhur rəvayətlərin bir hissəsidir. Lakin ayənin bu barədə nazil olub-olmamasından asılı olmayaraq hökm ümumidir. Bu səbəbdən İbn Abbas və Muhəmməd ibn əl-Hənəfiyyə demişlər: “Bu hökm həm yaxşılara, həm də günahkarlara aiddir”. Yəni bu ayə hər kəs üçün Allahın bir əmridir.
Sonra Uca Allah insanlar arasında ədalətlə hökm verməyi əmr edərək “...insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir” buyurur. Muhəmməd ibn Kəb, Zeyd ibn Əsləm və Şəhr ibn Həuşəb demişlər: “Bu ayə əmirlər, yəni insanlar arasında hökm verənlər barədə nazil olmuşdur”. Bir hədisdə deyilir: “Zülm etmədiyi müddətcə Allah hakimlədir. Əgər zülm edərsə, Allah onu özünə həvalə edər”. (Hədisi ət-Tirmizi (2/277); İbn Məcə (2312) və əl-Hakim (4/93) Abdullah ibn Əbu Aufədən (Allah ondan razı olsun) oxşar mətnlə rəvayət etmişlər. ət-Tirmizi hədisi “ğarib” adlandırmışdır. əl-Hakim isə səhih olduğunu bildirmiş, əz-Zəhəbi də onunla razılaşmışdır. Lakin onların rəvayətində “hakim” sözü əvəzinə “qazi” işlənmişdir. əl-Hakimin rəvayəti belədir: “Zülm etdikdə Allah ondan uzaq olar”. ət-Tirmizinin rəvayəti isə belədir: “Zülm etdikdə Allah onu tərk edər, əvəzində şeytan ona yoldaş olar”. Hədisin əvvəlini İbn Hibban “Səhih” əsərində (7/215 İhsan nəşri) rəvayət etmişdir. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1826-1827). Bir rəvayətdə deyilir: “Bir gün ədalətli olmaq qırx illik ibadətə bərabərdir”. (Bu rəvayətin nə olduğunu bilmədim. (Əhməd Şakir).
Uca Allah buyurur: “Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir!”, yəni əmanətləri öz sahiblərinə qaytarmaq, insanlar arasında ədalətlə hökm vermək və sair bu kimi əmrləri və mükəmməl, əzəmətli qanunları buyurmaqla Allah sizə nə gözəl öyüd verir.
Uca Allah buyurur: “Şübhəsiz ki, Allah eşidəndir, görəndir”, yəni dediklərinizi eşidən, etdiklərinizi görəndir.
 
ən-Nisa, 59
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
59. Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə müraciət edin. Bu sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
 
əl-Buxari İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin” ayəsi Abdullah ibn Huzafə ibn Qeys ibn Adiy (Allah ondan razı olsun) barəsində nazil olmuşdur. Belə ki, Peyğəmbər ﷺ onu bir dəstəyə başçı təyin edib döyüşə göndərən zaman onun barəsində bu ayə nazil olmuşdur”. (əl-Buxari, 4218, 4584). Bu hədisi İbn Məcədən başqa, digər hədis alimləri də rəvayət etmişlər.
İmam Əhməd Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ döyüşə bir dəstə göndərdi və bu dəstəyə ənsarlardan olan bir kişini başçı təyin etdi. Yola düşdükdən sonra başçı ilə dəstə üzvləri arasında mübahisə oldu və dəstə başçısı qəzəblənib dedi: “Məgər Peyğəmbər ﷺ sizə mənə itaət etməyi əmr etməmişdimi?” Onlar “Elədir!” dedilər. Onda onlara “Elə isə mənim üçün odun yığın!” deyə buyurdu, onlar da lazımi qədər odun yığdılar. Sonra onlara “Od qalayın!” dedi, onlar da od qaladılar. Axırda onlara “Girin oda!” dedi. Dəstədə olan bir gənc dedi: “Siz atəşdən xilas olmaq üçün Peyğəmbərə ﷺ tabe olmusunuz. Tələsməyin, Peyğəmbərin ﷺ yanına qayıdana qədər gözləyin. Əgər o sizə oda daxil olmağı əmr etsə, o zaman girərsiniz”. Onlar Peyğəmbərin ﷺ yanına qayıdıb bu barədə ona xəbər verdikdə Peyğəmbər ﷺ dedi: “Əgər siz atəşə girsəydiniz, Qiyamət gününədək oradan çıxa bilməzdiniz. Əslində, başçıya yalnız şəriətə uyğun olan şeylərdə itaət olunmalıdır!” Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari (8/190-191 Fəthul-Bari); “əl-Musnəd” (3124). Hədis ixtisar edilmişdir. əl-Hafiz İbn Həcər demişdir: “əl-Buxari hədisi bu şəkildə müxtəsər olaraq qeyd etmişdir. Hədisin mənası belədir: “Uca Allahın “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə müraciət edin. Bu sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” ayəsi Abdullah ibn Huzafənin (Allah ondan razı olsun) hadisəsinə görə nazil olmuşdur. Bu hadisənin təfsilatı Əlidən (Allah ondan razı olsun) rəvayət olunan növbəti hədisdə bildirilir”. (Əhməd Şakir). Əhməd, 622; əl-Buxari, 3995, 4340. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 181). Əbu Davud Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Müsəlmana asilik əmr olunmadıqca, istəsə də, istəməsə də, rəhbəri dinləyib ona itaət etmək vacibdir. Lakin əgər asilik əmr olunarsa, onda nə dinləmək, nə də itaət etmək olmaz”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (“əl-Musnəd” (622, 724, 1018). Bu hadisənin təfsilatı həmçinin, “əl-Musnəd” əsərində (11662) Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) də rəvayət edilmişdir. Bu rəvayətdə dəstənin əmirinin Abdullah ibn Huzafə (Allah ondan razı olsun) olduğu açıq-aydın bildirilir. Əvvəl keçən İbn Abbasın (Allah ondan razı olsun) hədisində də buna işarə edilir. (Əhməd Şakir). Əbu Davud, 2626. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3664).
Ubadə ibn Samit (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bizi öz yanına çağırdı və biz ona beyət etdik. Xoş günümüzdə və sıxıntılı anlarımızda, düşdüyümüz çətin və asan hallarda, habelə haqqımızı ödəməsələr belə, əmirləri dinləyib itaət edəcəyimizə dair ona beyət etdik. Habelə əmirə qarşı çıxmayacağımıza söz verdik. Peyğəmbər ﷺ dedi: “Yalnız əmirin açıq-aşkar küfr etməsi və buna dair Allah tərəfindən dəlil-sübutun olması istisnadır”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (“əl-Musnəd” (4668, 6278); ət-Tabəri (9877, 9878). (Əhməd Şakir). Muslim, 3427, 4877; əl-Buxari, 6532, 7056).
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilən başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Başı kişmiş kimi qara bir həbəşi kölə üzərinizdə hökmranlıq etmiş olsa belə, əmrlərini eşidib ona itaət edin”. (əl-Buxari (13/5-6 Fəthul-Bari); Muslim (2/76, 87); Əhməd (5/314, 321 Hələbi nəşri). (Əhməd Şakir). əl-Buxari, 6609, 7142). Hədisi əl-Buxari rəvayət etmişdir. Bir hədisdə Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Sevimli dostum (Peyğəmbər) mənə üzərimdəki əmir əli-ayağı kəsik həbəşi bir kölə olsa belə, ona itaət etməyimi vəsiyyət etmişdir”. Hədisi Muslim də rəvayət etmişdir. (əl-Hafiz İbn Kəsir hədisi Əbu Hureyradan rəvayət etmişdir. Bu isə səhvdir. Doğru olan budur ki, hədis Muslimin “Səhih” əsərində (2/85) Əbu Zərdən (Allah onlardan razı olsun) rəvayət olunur. Ola bilsin bu səhvə səbəb onun hədisləri hafizəsindən rəvayət etməsi olmuşdur. (Əhməd Şakir). əl-Buxari, 3412, 4862).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Əvvəllər İsrail oğullarını peyğəmbərlər idarə edirdilər. Hər dəfə bir peyğəmbər vəfat etdikdə onun yerinə başqa bir peyğəmbər gəlirdi. Məndən sonra isə peyğəmbər gəlməyəcək, lakin çoxlu xəlifələr olacaq”. (Səhabələr) dedilər: “Ey Allahın Elçisi, bizə nə buyurursan?” Peyğəmbər ﷺ dedi: “Birinci beyət edilmiş xəlifəyə sadiq qalın, onların haqqını verin. Heç şübhəsiz ki, Allah onları rəiyyətlərinə görə sorğu-sual edəcəkdir”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari (6/359-360 Fəthul-Bari); Muslim (2/87); Əhməd (7947). (Əhməd Şakir). əl-Buxari, 3169, 3455; Muslim, 3429, 4879).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim öz rəhbərindən xoşagəlməz bir münasibət görsə, qoy buna səbir etsin. Çünki kim əmirin itaətindən bircə qarış kənara çıxmış halda ölərsə, cahiliyyə dövründə olduğu kimi, ölmüş olar”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Əhməd (2487, 2702, 2826, 2827). (Əhməd Şakir). əl-Buxari, 6531, 6610, 7054, 7143; Muslim, 3438, 4896).
Rəvayət olunur ki, İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kim əmirə itaətdən boyun qaçırarsa, Qiyamət günü heç bir hüccəti (dəlil-sübutu) olmadığı halda Allahla qarşılaşar! Kim boynunda beyət (rəhbərə sadiqlik andı) olmadan ölərsə, cahiliyyə dövründə olduğu kimi, ölmüş olar!” Hədisi Muslim rəvayət etmişdir. (Muslim (8912); Əhməd (5386). (Əhməd Şakir). Muslim, 3441, 4899).
Həmçinin Muslim rəvayət edir ki, Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə belə buyurdu: “Bir dəfə məscidə daxil oldum və Abdullah ibn Amr ibn əl-Asın Kəbənin kölgəsində oturduğunu gördüm. İnsanlar onun ətrafına toplaşmışdılar. Mən yaxınlaşaraq Abdullah ibn Amrın yanında əyləşdim. O belə buyurdu: “Bir dəfə Peyğəmbərlə ﷺ birgə səfərdə idik. Bir yerdə dayandıq. Bizdən bəzisi çadırını düzəldir, bəziləri ox atmaqla yarışır, bəzilərimiz isə otlaqdakı heyvanına göz qoyurdu. Birdən Peyğəmbərin ﷺ carçısı “Namaza toplanın!” deyə səsləndi. Biz Peyğəmbərin ﷺ ətrafında toplandıq. O belə buyurdu: “Həqiqətən, məndən əvvəl gələn hər bir peyğəmbərin üzərinə haqq olub ki, ümməti üçün bildiyi xeyri onlara çatdırsın və bildiyi şərdən onları çəkindirsin. Həqiqətən, sizin bu ümmətinizin afiyəti (salamatlığı) əvvəlkilərə verilmişdir. Sonunda isə bəla və sizin xoşlamadığınız hadisələr baş verəcəkdir. Fitnələr baş verəcək və bu fitnələrdən əvvəlki sonrakından daha yüngül olacaq (getdikcə ağırlaşacaq). Bir fitnə gəldikdə mömin “Bu mənim həlakımdır!” deyəcək. Sonra bu fitnə aradan qalxıb digəri gəldikdə mömin “Budur! Budur həlakım!” deyəcək. Sizdən kim Cəhənnəmdən uzaqlaşıb Cənnətə daxil olmaq istəyirsə, əcəlini Allaha və Axirət gününə iman etmiş bir halda qarşılasın! Qoy insanlarla özünə qarşı dilədiyi rəftarla davransın! Kim bir rəhbərə beyət edərsə, əlini onun əlinin üzərinə qoyaraq səmimi qəlbdən sədaqət andı içərsə, qoy ona əlindən gəldiyi qədər itaət etsin! Əgər başqa birisi gəlib ona qarşı çıxarsa (hakimiyyət uğrunda mübarizə apararsa), qarşı çıxanın boynunu vurun!” Mən ona yaxınlaşaraq soruşdum: “Səni Allaha and verirəm, sən bunları özün Peyğəmbərdən ﷺ eşitmisən?” O, əli ilə qulaqlarına və qəlbinə işarə edərək belə buyurdu: “Bunu qulaqlarım eşitdi və qəlbim əzbərlədi”. Mən ona dedim: “Sənin əmin oğlu Müaviyə bizə mallarımızı aramızda haqsızcasına yeməyi və bir-birimizi öldürməyi əmr edir. Halbuki Uca Allah “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir” (“ən-Nisa”, 29) buyurur”. O, bir müddət susduqdan sonra dedi: “Allaha itaəti əmr etdikdə ona itaət et, Allaha asi olan işlərdə isə asi ol (itaət etmə)!” (Muslim (2/87, 88); Əhməd (6503, 6793). (Əhməd Şakir). Muslim, 3431, 4882). Bu mövzuda hədislər çoxdur.
Uca Allah buyurur: “...və özünüzdən olan rəhbərlərə də itaət edin”, yəni din və fiqh alimlərinə. Mucahid, Əta, əl-Həsən əl-Bəsri və Əbul-Aliyə də eyni fikirdə olub bu ayədə alimlərin nəzərdə tutulduğunu söyləmişlər. Lakin görünən budur ki, – ən doğrusunu Allah bilir – ayə, əvvəl qeyd etdiyimiz kimi, ümumi olub həm alimləri, həm də əmr sahiblərini əhatə edir. Uca Allah buyurur: “Məgər din xadimləri və elm adamları onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etməli deyildilərmi?!” (“əl-Maidə”, 63), “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun” (“ən-Nəhl”, 43). əl-Buxari və Muslimin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim mənə itaət etsə, Allaha itaət etmiş olar, kim mənə asi olsa, Allaha asi olmuş olar. Eləcə də kim əmirə itaət etsə, mənə itaət etmiş olar, kim əmirə asi olsa, mənə asi olmuş olar”. (əl-Buxari (13/99 Fəthul-Bari); Muslim (2/85); Əhməd (7643, 7330, 7428); ət-Tabəri (9851). (Əhməd Şakir). əl-Buxari, 6604, 7137; Muslim, 3418, 4854).
Bu dəlillərdə gələn əmrlər alimlərə və rəhbərlərə itaəti ehtiva edir. Bu səbəbdən Uca Allah buyurur: “Allaha itaət edin”, yəni Onun Kitabına tabe olun, “Peyğəmbərə ... itaət edin”, yəni onun sünnəsinə (hədislərinə) sarılın, “və özünüzdən olan rəhbərlərə də itaət edin”, yəni Allaha qarşı asilikləri deyil, Allaha itaəti əmr edən rəhbərlərə itaət edin. Çünki Allaha qarşı günah olan əmrlərdə məxluqa itaət etmək olmaz. Necə ki əvvəl keçən səhih bir hədisdə: “Əslində, əmirə yalnız şəriətə uyğun olan şeylərdə itaət olunmalıdır!” buyurulur. (Hədisi Əhməd, əl-Buxari və Muslim Əlidən (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədis əvvəlki səhifədə keçdi. (Əhməd Şakir). Əhməd, 622; əl-Buxari, 3995, 4340. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 181). İmam Əhməd İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allaha asilik olan əmrlərdə heç kəsə itaət etmək olmaz”. (“əl-Musnəd” (4/426 Hələbi nəşri). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 19837, 19845, 19918, 20070. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 180).
Uca Allah buyurur: “Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə müraciət edin”. Mucahid və bir çox sələf alimləri demişlər: “Yəni mübahisə etdiyiniz məsələlərin həlli üçün Allahın Kitabına və Peyğəmbərinin ﷺ hədislərinə müraciət edin”. Uca Allahın bu əmri dəlalət edir ki, insanlar həm dinin əsaslarına, həm də şöbələrinə dair ixtilafa düşdükləri bütün məsələlərdə Allahın Kitabına və Peyğəmbərinin ﷺ hədislərinə qayıtmalıdırlar. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir” (“əş-Şura”, 10). Allahın Kitabının və Peyğəmbərinin ﷺ sünnəsinin verdiyi və doğruluğuna şahidlik etdiyi hökm haqdır. Bu haqdan başqası isə zəlalətdir. Bu səbəbdən Uca Allah “Allaha və Axirət gününə iman gətirmisinizsə” buyurur. Yəni əgər “Allaha və Axirət gününə iman gətirmisinizsə”, mübahisələri və bilmədiyiniz məsələləri Allahın Kitabına və Peyğəmbərinin ﷺ sünnəsinə həvalə edin, aranızda baş verən ixtilaflarda Quran və Sünnəni hakim təyin edin. Ayənin bu hissəsi dəlalət edir ki, ixtilaflı məsələlərdə Quran və Sünnənni hakim təyin etməyən və onlara müraciət etməyən, haqqı ilə Allaha və Axirət gününə inanmamışdır.
Uca Allah buyurur: “Bu sizin üçün daha xeyirli”, yəni Allahın Kitabını və Peyğəmbərinin ﷺ sünnəsini hakim təyin etmək və ixtilaflı məsələləri həll etmək üçün onlara müraciət etmək daha xeyirlidir, “və nəticə etibarilə daha yaxşıdır”, yəni aqibət və sonluq baxımından daha yaxşıdır. Necə ki əs-Suddi və başqaları belə təfsir etmişlər. Mucahid isə demişdir: “Yəni qarşılıq və mükafat baxımından daha gözəldir”. Bu təfsir daha uyğundur.
 
ən-Nisa, 60-63
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا * وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا * فَكَيْفَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا * أُولَئِكَ الَّذِينَ يَعْلَمُ اللَّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُلْ لَهُمْ فِي أَنْفُسِهِمْ قَوْلًا بَلِيغًا
60. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaları əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
61. Onlara “Allahın nazil etdiyinə və Rəsuluna tərəf gəlin!” deyildikdə münafiqlərin səndən tamamilə üz çevirdiklərini görərsən.
62. Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!” deyə Allaha and içdikdə onların halı necə olacaq?
63. Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və onlara özləri barəsində təsirli söz söylə.
 
Uca Allah bu ayədə Peyğəmbərə və ondan əvvəlki peyğəmbərlərə (onlara Allahın salavatı və salamı olsun) nazil olanlara iman gətirdiyini iddia edib, lakin ixtilaflı məsələlərin həllində Allahın Kitabından və Peyğəmbərinin ﷺ sünnəsindən başqa şeyləri hakim təyin etmək istəyənləri pisləyir. Təfsir alimləri qeyd etmişlər ki, bu ayənin nazilolma səbəbi ənsarlardan olan bir kişi ilə bir yəhudinin mübahisə etməsi olmuşdur. Yəhudi “Mənimlə sənin aranda Muhəmməd hakimdir” deyərkən ənsarlı kişi “Mənimlə sənin aranda Kəb ibn əl-Əşraf hakimdir” dedi. Başqa bir rəyə görə isə bu ayə zahirən müsəlman olduqlarını göstərərək cahiliyyə hakimlərinə müraciət etmək istəyən bir qrup münafiqlər barəsində nazil olmuşdur. Ayənin nazilolma səbəbi barədə başqa rəylər də deyilmişdir. Lakin ayənin mənası ümumi olub, Quran və Sünnədən üz çevirərək başqa batil şeyləri hakim təyin edən hər kəsi məzəmmət edir. Ayədə “tağut” dedikdə də məhz bu nəzərdə tutulur. Bu səbəbdən Uca Allah: “Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaları əmr olunmuşdur” buyurur.
Uca Allah buyurur: “Onlara “Allahın nazil etdiyinə və Rəsuluna tərəf gəlin!” deyildikdə, münafiqlərin səndən tamamilə üz çevirdiklərini görərsən”, yəni münafiqlər təkəbbürlük göstərərək haqqı inkar edənlər kimi səndən üz çevirib uzaqlaşarlar. Necə ki Uca Allah müşriklər barədə xəbər verərək buyurur: “Onlara “Allahın nazil etdiyinə itaət edin!” deyildikdə, onlar “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” deyərlər” (“Loğman”, 21). Münafiqlər və müşriklər möminlərin etdiklərinə zidd hərəkət edərlər. Uca Allah möminlər barədə buyurur: “Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq “Eşidirik və itaət edirik!” demələridir. Nicat tapanlar da məhz onlardır” (“ən-Nur”, 51).
Sonra Uca Allah münafiqləri məzəmmət edərək buyurur: “Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra...”, yəni günahları səbəbi ilə başlarına gələn müsibətlərdə Allahın təqdiri onları sənə sürüyüb gətirdikdən və onlar sənə möhtac olduqdan sonra “sənin yanına gəlib “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!” deyə Allaha and içdikdə, onların halı necə olacaq?” Yəni səndən üzr istəyərək və and içərək “Mühakimə olunmaq üçün səndən başqasının yanına getməkdə məqsədimiz yalnız yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq olmuşdur” deyəcəklər. Yəni mühakimə üçün onlara müraciət etməyimiz, bu mühakimənin doğruluğuna inandığımız üçün deyil, mübahisə edənləri razı salmaq və onları ələ almaq üçün olmuşdur. Uca Allah başqa bir ayədə onlar barədə xəbər verərək buyurur: “Qəlblərində xəstəlik olanların “Başımıza bir fəlakət gəlməsindən qorxuruq” deyərək kitab əhli arasında olmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar” (“əl-Maidə”, 52).
ət-Tabərani rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Yəhudilər öz aralarında baş vermiş mübahisələri həll etmək üçün kahin Əbu Bərzə əl-Əsləmiyə müraciət edirdilər. Müsəlmanlardan bir dəstə aralarında baş vermiş mübahisəyə son qoymaq üçün ona müraciət etdikdə Uca Allahın “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi?” ayəsindən “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!” deyə Allaha and içdikdə, onların halı necə olacaq?” ayəsinə qədər nazil oldu”. (ət-Tabəraninin isnadı səhihdir. əl-Heysəmi “əz-Zəvaid” əsərində bu hədisi ət-Tabəranidən nəql edərək demişdir: “Hədisi rəvayət edənlər əl-Buxarinin istinad etdikləri ravilərdir”. əs-Suyuti (2/178) hədisi İbn Əbu Hatim və ət-Tabəranidən səhih isnadla rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 11876. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər).
Sonra Uca Allah buyurur: “Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir”, yəni bu növ insanlar münafiqlərdir. Allah onların qəlblərində olanları yaxşı bilir və buna görə onları cəzalandıracaq. Heç bir sirr ondan gizli qalmaz. Ey Muhəmməd, sən onlar barədə bu məlumatla kifayətlən. Uca Allah onların həm zahirini, həm də batinini çox yaxşı bilir. Bu səbəbdən Uca Allah Peyğəmbərinə ﷺ buyurur: “Elə isə onlardan üz döndər”, yəni qəlblərində olanlara görə onlarla sərt davranma, “onlara öyüd-nəsihət ver”, yəni onları qəlblərindəki nifaqdan və gizlətdikləri pis əməllərdən çəkindir, “və onlara özləri barəsində təsirli söz söylə”, yəni səninlə onlar arasında baş verən söhbətdə təsirli və pisliklərdən çəkindirəcək sözlərlə onlara nəsihət et.
 
ən-Nisa, 64-65
وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا * فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
64. Biz hər bir elçini, – Allahın izni ilə, – məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər.
65. Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar.
 
Uca Allah buyurur: “Biz hər bir elçini, – Allahın izni ilə, – məhz itaət edilsin deyə göndərdik”, yəni peyğəmbər kimlərə göndərilmişsə, onların bu peyğəmbərə itaət etmələri fərz olmuşdur. Mucahid Uca Allahın “Allahın izni ilə” sözünü belə şərh etmişdir: “Yəni Mənim iznim olmadan heç kim ona itaət etməz”. Yəni peyğəmbərlərə yalnız Mənim imana müvəffəq etdiklərim itaət edər. Bu ayə Uca Allahın “Siz Allahın izni ilə düşmənlərinizi qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi” (“Ali-İmran”, 152) ayəsinə bənzəyir. Yəni bu, Onun əmri, təqdiri, istəyi və sizi onlara qarşı qaldırması ilə baş verdi.
Uca Allah “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər” buyuraraq asi və günahkar qullarını səhv və ya günah etdikləri zaman həm Peyğəmbərin ﷺ yanına gedib Allahdan bağışlanma diləməyə, həm də Peyğəmbərdən ﷺ onlar üçün Allahdan bağışlanma diləməyi xahiş etməyə yönəldir. Belə etdikləri təqdirdə Uca Allah onların tövbələrini qəbul edəcək, onlara rəhm edəcək və onları bağışlayacaqdır. Bu səbəbdən Uca Allah ayənin sonunda “əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər” buyurur.
Uca Allah buyurur: “Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, ...”. Uca Allah bu ayədə Özünə and içərək buyurur ki, bütün işlərində Peyğəmbəri ﷺ hakim təyin etmədikcə heç kim həqiqi iman etmiş olmaz. Çünki Peyğəmbərin ﷺ verdiyi hökm hər bir halda həm gizlində, həm aşkarda boyun əyilməsi vacib olan haqdır. Bu səbəbdən Uca Allah “...sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar” buyurur. Yəni səni hakim təyin etdikdən sonra qəlbən sənə itaət edərlər və qəlblərində sənin verdiyin hökmə qarşı heç bir sıxıntı yaranmaz. Həm daxilən, həm də zahirən bu hökmə tabe olarlar. Etiraz etmədən, qarşı çıxmadan, mübahisə etmədən tam şəkildə bu hökmə təslim olarlar. Necə ki bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Canım əlində olan Allaha and olsun ki, sizdən birinizin nəfsi mənim gətirdiyim şəriətə tabe olmayınca həqiqi iman gətirmiş sayılmaz”. (Bu hədis İmam ən-Nəvəvinin “Qırx hədis” əsərindəki 42-ci hədisdir. Hədis Abdullah ibn Amr ibn əl-Asdan rəvayət olunur, lakin əvvəlində “Canım əlində olan Allaha and olsun” hissəsi yoxdur. (Əhməd Şakir). İbn Əbu Asim “əs-Sunnə” 15. Hədisin sənədi zəifdir. Bax: Mişkətul-Məsabih, 167).
əl-Buxari rəvayət edir ki, Urvə belə demişdir: “Bir dəfə əz-Zubeyr ənsarlardan olan bir kişi ilə Peyğəmbərin ﷺ yanında xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barəsində mübahisə etdi. Peyğəmbər ﷺ dedi: “Ey Zubeyr! Öz ağaclarını suvardıqdan sonra suyu burax qonşunun bağına axsın!” Bunu eşidən ənsarlı qəzəblənib dedi: “Ey Allahın Elçisi, o sənin bibin oğlu olduğu üçün belə hökm verdin?” Peyğəmbərin ﷺ (qəzəbindən) rəngi dəyişdi və dedi: “Ey Zubeyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız sonra suyu qonşunun bağına burax!” Ənsarlı Peyğəmbəri ﷺ qəzəbləndirdikdə o, əz-Zubeyrin haqqını tam olaraq bərpa etdi. Halbuki bundan əvvəl hər ikisi üçün daha uyğun olan bir yol göstərmişdi. əz-Zubeyr (Allah ondan razı olsun) demişdir: “Bu ayənin həmin hadisəyə görə nazil olduğunu sanıram: “Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar” (“ən-Nisa”, 65)”. (əl-Buxari, 2361, 4585; Muslim, 4347, 6258). Hədis zahirən tabiinin (Urvənin) sözü kimi görünürsə də, məna etibarilə səhabəyə (əz-Zubeyrə) nisbət olunan bir hədisdir. İmam Əhməd də eyni hədisi bu şəkildə Urvənin sözü olaraq rəvayət etmişdir. Urvə ibn əz-Zubeyr atası əz-Zubeyrin (Allah ondan razı olsun) belə danışdığını rəvayət etmişdir: “Bir dəfə o, Peyğəmbərin ﷺ yanında Bədr döyüşündə iştirak etmiş bir ənsarlı kişi ilə xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barədə mübahisə etdi. Onların hər ikisi bu arxdan bağlarının suvarılması üçün istifadə edərdi. Peyğəmbər ﷺ əz-Zubeyrə dedi: “Ey Zubeyr, əvvəl sən suvar, sonra suyu qonşunun bağına burax!” Ənsarlı Peyğəmbərin ﷺ bu qərarına qəzəblənib dedi: “Ey Allahın Elçisi, o sənin bibin oğlu olduğu üçün belə hökm verdin?” Peyğəmbərin (qəzəbindən) rəngi dəyişdi və dedi: “Ey Zubeyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız ondan sonra suyu qonşunun bağına burax!” Peyğəmbər ﷺ belə deməklə əz-Zubeyrin haqqını tam bərpa etdi. Halbuki Peyğəmbər ﷺ bundan əvvəl həm əz-Zubeyr üçün, həm də ənsarlı üçün münasib olan bir rəy bildirmişdi. Ənsarlı Peyğəmbəri ﷺ qəzəbləndirdikdə isə o, əz-Zubeyrin haqqını açıq-aydın bir hökmlə tam olaraq verdi. əz-Zubeyr demişdir: “Allaha and olsun! Bu ayə həmin hadisəyə görə nazil olub: “Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar”. (Əhməd, 1419. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir). İmam Əhməd hədisi bu şəkildə rəvayət etmişdir. Hədisin isnadı Urvə ilə atası əz-Zubeyr (Allah ondan razı olsun) arasında kəsilir. Çünki Urvə (çox kiçik olduğu üçün) atasından hədis eşitməmişdir. Yəqin ki o, hədisi qardaşı Abdullahdan eşitmişdir. Çünki İbn Əbu Hatim oxşar hədisi Urvə ibn əz-Zubeyrdən, o da qardaşı Abdullah ibn əz-Zubeyrdən, o da ataları əz-Zubeyr ibn əl-Əvvamdan (Allah ondan razı olsun) rəvayət etmişdir. ən-Nəsəi, İmam Əhməd və bir çox hədis alimləri də hədisi bu şəkildə rəvayət etmişlər. Bu səbəbdən “əl-Ətraf” (“əl-Ətraf” ərəbcə tərəf sözünün cəmidir. “əl-Ətraf” əsərlərinin müəllifləri hədisin mətninin bir hissəsini gətirərək bu mənada olan bütün hədislərin mənbələrini və sənədlərini qeyd etmişlər. Belə etməkdə məqsəd hədisin mənbələrini və sənədlərini asanlıqla tapmaqdır). əsərlərinin sahibləri bu hədisi Abdullah ibn əz-Zubeyrdən rəvayət olunan hədislər sırasında qeyd etmişlər. Həmçinin İmam Əhməd də bu hədisi Abdullah ibn əz-Zubeyrin (Allah ondan razı olsun) hədislərinin sırasında qeyd etmişdir. Ən doğrusunu Allah bilir. (əl-Buxari (2361, 4585); Muslim (6258); Əbu Davud (3639); ət-Tirmizi (1363, 3027); ən-Nəsəi (5407).
 
ən-Nisa, 66-70
وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَكُمْ أَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا * وَإِذًا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا * وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا * وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَئِكَ رَفِيقًا * ذَلِكَ الْفَضْلُ مِنَ اللَّهِ وَكَفَى بِاللَّهِ عَلِيمًا
66. Əgər onlara “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və sabitlik baxımından daha güclü olardı.
67. Onda Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər
68. və onları doğru yola yönəldərdik.
69. Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar. Onlar necə də gözəl dostlardır!
70. Bu böyük lütf Allahdandır. Hər şeyi bilən Allah sizə yetər.
 
Uca Allah bu ayələrdə bildirir ki, əgər insanların əksəriyyətinə etdikləri pis əməlləri etmək əmr olunsaydı, onlar bu əməlləri yerinə yetirməzdilər. Çünki onların pis təbiətləri əmrlərə qarşı çıxmağa meyilli yaradılmışdır. Bu isə Uca Allahın baş verməmiş hadisələrin baş verəcəyi təqdirdə necə olacağını bilməsindən irəli gəlir. Bu səbəbdən Uca Allah ayədə “Əgər onlara “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna olmaqla, bunu yerinə yetirməzdilər” buyurur.
Sonra Uca Allah buyurur: “Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər”, yəni əgər onlar özlərinə əmr olunanları yerinə yetirib qadağan olunanlardan çəkinsəydilər “əlbəttə, bu onlar üçün daha xeyirli”, yəni onlara əmr olunanlara qarşı çıxmaqdan və qadağan olunmuş əməlləri etməkdən daha xeyirli olardı, “və sabitlik baxımından daha güclü olardı”. əs-Suddi demişdir: “Yəni təsdiq baxımından daha möhkəm olardı”. “Onda Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər”, yəni Cənnətə salar, “və onları doğru yola yönəldərdik”, yəni dünya və Axirətdə.
Sonra Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar. Onlar necə də gözəl dostlardır!”, yəni kim Allahın və Elçisinin əmr etdiklərini yerinə yetirər, qadağan etdiklərindən çəkinərsə, Uca Allah onu şərəfli yurdda məskunlaşdırar və onu peyğəmbərlərlə, habelə dərəcə baxımından onlardan sonra gələn siddiqlərlə, şəhidlərlə və həm daxilən, həm də zahirən əməlisaleh olan bütün möminlərlə qonşu edər.
Sonra Uca Allah bu qrup insanları tərifləyərək “Onlar necə də gözəl dostlardır!”buyurur. əl-Buxari rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Elə bir peyğəmbər yoxdur ki, ölüm xəstəliyində (ayağında) ona dünya ilə Axirət arasında seçim etmək təklifi edilməsin”. Aişə (Allah ondan razı olsun) demişdir: “Bundan başqa mən Peyğəmbərin ﷺ ölümü ilə nəticələnən xəstəliyə tutulduğu zaman xırıltılı səslə bu (ayəni) söylədiyini eşitdim: “Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar”. Onda bildim ki, ona artıq seçim etmək təklifi edilmişdir”. Hədisi Muslim də rəvayət etmişdir. (əl-Buxari (8/192 Fəthul-Bari); Muslim (2/245-246). (Əhməd Şakir). əl-Buxari, 4220, 4586; Muslim, 4475, 6448). Başqa bir hədisdə Peyğəmbərin ﷺ ölüm ayağında üç dəfə: “Allahım, məni yüksək məqama çatmış dostlara qovuşdur!” deyərək vəfat etməsi də bu mənanı daşıyır. (Muslim (2/246). (Əhməd Şakir). əl-Buxari, 4083, 4437; Muslim, 4476, 6450). Ona Allahın ən üstün salavatı və salamı olsun!
Bu ayənin nazilolma səbəbi barədə İbn Cərir Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, bir dəfə ənsarlardan olan bir kişi kədərli halda Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ onu bu halda görüb soruşdu: “Ey filankəs, sənə nə olub? Niyə belə kədərlisən?” Kişi dedi: “Ey Allahın Elçisi, bir şey məni düşündürür”. Peyğəmbər ﷺ “Nədir o?” deyə soruşduqda kişi dedi: “Biz (bu dünyada) sənin yanına gəlib-gedirik, üzünə baxırıq və səninlə birlikdə otururuq. Sabah (Axirətdə) sən peyğəmbərlərlə birlikdə (Cənnətdə) yüksələcəksən və biz sənə çata bilməyəcəyik”. Peyğəmbər ﷺ həmin an ona heç nə demədi. Nəhayət, Cəbrail (ona salam olsun) Uca Allahın “Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar. Onlar necə də gözəl dostlardır!” ayəsini gətirdi və Peyğəmbər ﷺ o kişiyə xəbər göndərərək onu müjdələdi”. Bu hədis Məsruq, İkrimə, Amir əş-Şabi, Qatədə və ər-Rabi ibn Ənəsdən mursəl olaraq rəvayət edilmişdir. Hədis sənəd baxımından yaxşıdır. (Səid ibn Cubeyrin hədisi, mursəl olaraq ət-Tabəridədir (9924). İbn Kəsirin qeyd etdiyi digər mursəl hədislər də buradadır. (Əhməd Şakir). ət-Tabəri, 9986).
İbn Mərdəveyh Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Səhabələrdən biri Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allaha and olsun ki, sən mənim üçün özümdən, ailəmdən, övladımdan və var-dövlətimdən də sevimlisən. Mən evimdə olarkən səni xatırlayıram və səni görməyənə qədər qəlbim rahatlıq tapmır. Hər ikimizin öləcəyini xatırlayanda isə düşünürəm ki, sən Cənnətə daxil olduqda peyğəmbərlərə xas olan ən yüksək mərtəbədə olacaqsan. Mən isə Cənnətə daxil olsam, qorxuram bir daha səni görməyim”. Peyğəmbər ﷺ ona heç nə cavab vermədi. Nəhayət Allahın “Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar. Onlar necə də gözəl dostlardır!” ayəsi nazil oldu”. (ət-Tabərani “Mucəmus-Sağir” 52; “Mucəmul-Əvsat” 477. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali hədisin həsən olduğunu bildirmişlər). Bu hədisi əl-Hafiz Əbu Abdullah əl-Məqdisi “Sifətul-Cənnə” (Cənnətin Vəsfi) kitabında bu şəkildə rəvayət etmiş və demişdir: “Hədisin isnadında nöqsan görmürəm”. Ən doğrusunu Allah bilir.
Muslimin “Səhih” əsərində rəvayət olunur ki, Rabiə ibn Kəb əl-Əsləmi (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ yanında gecələməli oldum. Səhər ona dəstəmaz suyunu və ehtiyacı olan şeyləri gətirdim. Peyğəmbər ﷺ mənə dedi: “Məndən bir şey istə!” Mən “Ey Allahın Elçisi, Cənnətdə səninlə birlikdə olmağı istəyirəm” dedim. Peyğəmbər ﷺ dedi: “Bəlkə başqa bir şey istəyəsən?” Mən “Yalnız bunu istəyirəm” dedim. Peyğəmbər ﷺ dedi: “Elə isə bu istəyinin həyata keçməsi üçün çox səcdə etməklə (namaz qılmaqla) mənə kömək et”. (Muslim (1/140); Əhməd (16651, 16652). (Əhməd Şakir). Muslim, 754, 1122).
İmam Əhməd rəvayət etmişdir ki, Amr ibn Murra əl-Cuhəni belə demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, Allahdan başqa ibadətə layiq haqq ilahın olmadığına və sənin Allahın elçisi olduğuna şahidlik etdim. Beş vaxt namazı qılıram. Malımın zəkatını verirəm və Ramazan ayında oruc tuturam. Əgər bu əməllər üzərində ölsəm, Cənnətə girərəmmi?” Peyğəmbər ﷺ iki barmağını birləşdirib göstərərək “Kim valideynlərinin üzünə ağ olmadan bu əməllər üzərində ölərsə, Qiyamət günü peyğəmbərlər, siddiqlər və şəhidlərlə birlikdə belə olacaq” deyə cavab verdi”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (“əl-Musnəd” (24299). Əhməd, 24009. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 2515).
ət-Tirmizi Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Düzgün və etibarlı tacir (Qiyamət günü) peyğəmbərlər, siddiqlər və şəhidlərlə birlikdə olacaq”. ət-Tirmizi hədisin “həsən” olduğunu bildirmişdir. (ət-Tirmizi (2/227); əd-Dərimi (2/247). (Əhməd Şakir). ət-Tirmizi, 1209, 1252; əl-Hakim, 2143. Hədis zəifdir. Bax: Daif əl-Cami, 2501; Mişkətul-Məsabih, 2796).
Bütün bu hədislərdən müjdə baxımından daha böyük olanı “Səhih” və “əl-Musnəd” əsərlərində, habelə digər hədis kitablarında çoxsaylı səhabədən rəvayət olunan bu hədisdir: “Bir dəfə Peyğəmbərdən ﷺ bir qövmü sevib, lakin onlara qovuşa bilməyən bir insanın halı barədə soruşulduqda Peyğəmbər ﷺ “İnsan öz sevdikləri ilə birlikdə olacaqdır” buyurdu. Ənəs demişdir: “Müsəlmanlar bu hədisə sevindikləri qədər heç nəyə sevinməmişdilər”. Ənəsdən (Allah ondan razı olsun) gələn başqa bir rəvayətdə o demişdir: “Mən Peyğəmbəri, Əbu Bəkri və Öməri sevirəm. Ümid edirəm ki, onların əməlləri kimi əməllərim olmasa da, Allah məni onlarla birlikdə edəcəkdir”. (əl-Buxari (7/40 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 5704, 6170; Muslim, 4779, 6888).
Uca Allah buyurur: “Bu böyük lütf Allahdandır”, yəni bu lütf, onların əməlləri sayəsində deyil, Allah qatından və Onun rəhməti sayəsindədir. “Hər şeyi bilən Allah sizə yetər”, yəni Allah hidayətə və müvəffəqiyyətə kimin layiq olduğunu yaxşı bilir.
 
ən-Nisa, 71-74
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا * وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا * وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللَّهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا * فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
71. Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin və düşmənə qarşı ya bölük-bölük, ya da hamınız birgə çıxın!
72. İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər və sizə bir müsibət üz verərsə, “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım” deyər.
73. Əgər Allahdan sizə bir lütf yetişərsə, sanki sizinlə onun arasında heç bir dostluq yoxmuş kimi “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” deyər.
74. Qoy möminlər, Axirət qarşılığında dünya həyatını satın alan kafirlərlə Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verərik.
 
Uca Allah bu ayədə mömin qullarına düşmənlərindən qorunmaq üçün tədbir görməyi əmr edir. Bu isə həm silah tədarükü görməyi, həm də əsgər sayını artırmaq üçün Allah yolunda “bölük-bölük”, yəni hissə-hissə, dəstə-dəstə və ya “birgə”, yəni hamılıqla səfərbər olmağı tələb edir. Bu təfsir Mucahid, İkrimə, Qatədə və başqalarından rəvayət olunmuşdur.
Uca Allah buyurur: “İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər...” Mucahid və bir çox alimlərə görə, bu ayə münafiqlər barədə nazil olmuşdur. Muqatil ibn Həyyan demişdir:  ”...ləng tərpənər”, yəni cihadda iştirak etməmək üçün geridə qalar”. Ola bilsin, burada “onlar özləri ləng tərpəndikləri kimi, başqalarını da cihada getməkdə ləng tərpənməyə təşviq edirlər” nəzərdə tutulur. Necə ki Abdullah ibn Ubey ibn Səlul (Mədinədəki münafiqlərin başçısı). belə edərdi. O özü döyüşdən geri qalmaqla yanaşı, insanları da cihadda iştirak etməkdən saxlayırdı. Bu rəy İbn Cureyc və İbn Cərirə aiddir. Bu səbəbdən Uca Allah bildirir ki, münafiq cihaddan geri qaldıqda “sizə bir müsibət üz verərsə”, yəni Allahın hikməti ilə düşmən sizə qalib gələr və sizlərdən şəhidlər və öldürülənlər olarsa, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım”. Yəni onlarla birlikdə döyüşdə iştirak etmədim. Münafiq bunu Allahın ona olan neməti sayar, halbuki öldürüldüyü təqdirdə şəhidlik mərtəbəsinə yüksəlmək və səbir etməklə nail olacağı mükafatdan xəbərsizdir. “Əgər Allahdan sizə bir lütf yetişərsə”, yəni qələbə, zəfər və qənimət kimi nemət yetişərsə, “sanki sizinlə onun arasında heç bir dostluq yoxmuş kimi:..”, yəni sanki sizin dininizdən deyilmiş kimi, ”Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” deyər”, yəni onlarla birlikdə mənə də bir pay ayrılardı və mən də bir şey əldə edərdim. Çünki münafiqin ən böyük məqsədi və ən çox istəyi budur.
Sonra Uca Allah buyurur: “Qoy möminlər Axirət qarşılığında dünya həyatını satın alan kafirlərlə Allah yolunda vuruşsunlar”, yəni qoy Allah yolunda döyüşə səfərbər olan möminlər, küfrləri və imansızlıqları səbəbindən dinlərini az bir dünya malına satanlarla döyüşsünlər. (Ayədə keçən يَشْرُونَ [yəşru:nə] feili iki mənada həm “satmaq”, yəni bir şeyi verib müqabilində başqa bir şeyi almaq, həm də “almaq”, yəni bir şeyi alıb müqabilində başqa bir şeyi vermək mənalarında işlənə bilər. Bu iki söz (almaq və satmaq) bir-birinə zidd olan mənalardadır. Ərəb dilində bu sözlərdən biri digərinin mənasında işlədilə bilər. İbn Kəsir bu ayədəki يَشْرُونَ [yəşru:nə] feilini ikinci mənada (almaq mənasında) təfsir etmişdir. Bu səbəbdən الَّذِنَ يَشْرُونَ الحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ [əlləzi:nə yəşru:nəl-həyə:təd-dunyə bil-ə:xirati] cümləsini “dünya həyatını Axirətdən üstün tutanlar” kimi təfsir etmiş və bu ifadəni “vuruşsunlar” feilinin vasitəsiz tamamlığı kimi götürmüşdür. Bu halda “vuruşsunlar” feilinin faili (cümlənin mübtədası) “səfərbər olan möminlər” olacaq. Yəni döyüşə səfərbər olmuş möminlərə, Axirət qarşılığında dünya həyatını satın alan və “dinlərini az bir dünya malına satan” kafirlərlə vuruşmaq vacibdir. İbn Kəsirdən başqa digər təfsirçilər isə ayəni başqa cür təfsir etmişlər. Belə ki, ayədəki يَشْرُونَ [yəşru:nə] feilini “almaq” mənasında təfsir etmişlər. Bu halda məna belə olacaq: “Qoy dünya həyatı qarşılığında Axirəti satın alan möminlər Allah yolunda vuruşsunlar”. Bu halda “vuruşsunlar” feilinin tamamlığı (kafirlərlə) məlum olduğu üçün pozulmuş olur. Yəni möminlər kafirlərlə vuruşsunlar. Hər iki məna doğrudur, lakin İbn Kəsirin seçdiyi məna daha üstün və daha dəqiqdir. (Əhməd Şakir).
Sonra Uca Allah buyurur: “Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verərik”, yəni Allah yolunda döyüşən hər kəsə, fərq etməz, istər öldürülsün, istərsə də qalib gəlsin, Allah qatında böyük savab və bol mükafat vardır. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində varid olan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Allah Onun yolunda cihad edənə zəmanət vermişdir ki, onu öldüyü təqdirdə Cənnətə daxil edəcək, ya da çıxdığı evinə sağ-salamat, savab və ya qənimətlə geri qaytaracaq”. (əl-Buxari (6/154 Fəthul-Bari); Muslim (2/96); “əl-Musnəd” (7157). (Əhməd Şakir). əl-Buxari, 2759, 2787).
 
ən-Nisa, 75-76
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا * الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا
75. Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi yolla, bizə Öz tərəfindən bir yardımçı göndər!” deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?!
76. İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
 
Uca Allah bu ayələrdə mömin qullarını Onun yolunda döyüşməyə və Məkkədə əlacsız qalmış zəif kişi, qadın və uşaqları qurtarmağa təşviq edir. Bu səbəbdən Uca Allah onlar barəsində buyurur: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart”, yəni Məkkədən çıxart. Həmçinin bu ayədə də Məkkəni nəzərdə tutaraq buyurur: “Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi” (“Muhəmməd”, 13).
Uca Allah bu şəhəri “əhalisi zalım olan” kimi vəsf edərək orada olan zəif möminlərin sözlərini belə nəql edir: “bizə Öz tərəfindən bir himayəçi yolla, bizə Öz tərəfindən bir yardımçı göndər!”, yəni bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!
əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən və anam ayədə nəzərdə tutulan zəif möminlərdən idik”. Həmçinin əl-Buxari İbn Əbu Muleykədən rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır” (“ən-Nisa”, 98) ayəsini oxuduqdan sonra “Anamla mən Uca Allahın üzrlərini qəbul etdiyi insanlar arasında idik” demişdir.
Sonra Uca Allah buyurur: “İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut yo-lunda vuruşurlar”, yəni iman gətirənlər Allaha itaət edərək Onun razılığını qazanmaq üçün döyüşürlər. Kafirlər isə şeytana itaət edərək döyüşürlər.
Sonra Uca Allah “Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” buyuraraq möminləri Onun düşmənlərinə qarşı döyüşə təşviq edir.
 
ən-Nisa, 77-79
أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّوا أَيْدِيَكُمْ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللَّهِ أَوْ أَشَدَّ خَشْيَةً وَقَالُوا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلَا أَخَّرْتَنَا إِلَى أَجَلٍ قَرِيبٍ قُلْ مَتَاعُ الدُّنْيَا قَلِيلٌ وَالْآخِرَةُ خَيْرٌ لِمَنِ اتَّقَى وَلَا تُظْلَمُونَ فَتِيلًا * أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَذِهِ مِنْ عِنْدِ اللَّهِ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَذِهِ مِنْ عِنْدِكَ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ فَمَالِ هَؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا * مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًا وَكَفَى بِاللَّهِ شَهِيدًا
77. Məgər sən özlərinə vaxtilə “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!” deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq fərz buyurulduqda, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə Axirət daha xeyirlidir. Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”.
78. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əlçatmaz qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə “Bu, Allahdandır!” deyər, bir pislik üz verdikdə isə “Bu, səndəndir!” deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?
79. Sənə gələn yaxşılıq Allahdandır, sənə üz vermiş bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah yetər.
 
İslamın əvvəlində Məkkədə ikən möminlərə namaz qılmaq və zəkat vermək əmr edilmişdi. Zəkatın miqdarı müəyyən olunmasa da, aralarında kasıb olanlara yardım etmək əmr olunmuşdu. Müəyyən bir vaxta qədər möminlərə müşrikləri əfv edib onların əziyyətlərinə dözmək və səbir etmək əmr edilmişdi. Möminlər, düşmənlərindən xilas olmaq üçün kafirlərlə döyüşməyin əmr edilməsini arzulayır və bu istəklə alovlanırdılar. Lakin bir çox səbəblərə görə vəziyyət buna uyğun deyildi. Bu səbəblərə misal, düşmənlərin sayca möminlərdən çox olması; möminlərin müşriklərin ölkələrində yaşamaları; yaşadıqları ərazinin yer üzünün ən şərəfli diyarı olub, haram şəhər olması idi. Bu səbəbdən ilk döyüşün orada əmr olunması münasib deyildi. Möminlərə yalnız Mədinədə özlərinin bir ölkəsi, camaatı və yardımçıları olduqdan sonra cihad etmək əmr olundu. Bununla belə, arzu etdikləri döyüş onlara əmr olunduqda bəziləri düşmənlə qarşılaşmaqdan müdhiş bir şəkildə qorxaraq “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər. Yəni nə olardı ki, bizə döyüşü vacib etməyi başqa bir vaxta təxirə salardın. Çünki döyüşmək qan tökülməsinə, uşaqların yetim qalmasına və qadınların dul qalmasına səbəb olacaq. Bu ayə Uca Allahın “Möminlər “Kaş cihada dair bir surə nazil olaydı!” deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki, itaət etsinlər və xoş söz söyləsinlər. Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı” (“Muhəmməd”, 20-21) ayəsi ilə eyni mənadadır.
İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Abdur-Rahmən ibn Auf və onun yoldaşları Məkkədə Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Müşrik olduğumuz zaman hörmət və izzət içində idik. İman gətirdikdən sonra isə zəlil və hörmətsiz olduq”. Peyğəmbər ﷺ dedi: “Mənə onları əfv etmək əmr olundu, elə isə müharibədən əl çəkin!” Uca Allah Peyğəmbəri ﷺ Mədinəyə köçürdükdən sonra ona döyüşməyi əmr etdi, onlar isə əl saxladılar. Bu səbəbdən Uca Allah “Məgər sən özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!” deyilən kəsləri görmədinmi?” ayəsini nazil etdi”. Hədisi ən-Nəsəi, əl-Hakim və İbn Mərdəveyh rəvayət etmişlər. (ən-Nəsəi “Sunən” 3036, 3099; “Sunənul-Kubra” 4293, 4729, 11047; əl-Beyhəqi “Sunənul-Kubra” 17519, 18197; əl-Hakim, 2377. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 3086).
Uca Allah buyurur: “De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə Axirət daha xeyirlidir”, Allahdan qorxan üçün Axirət həyatı dünyadan daha xeyirlidir. “Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”, yəni siz əməllərinizin qarşılığını tam olaraq alacaqsınız. Bu onlar üçün dünya kədərlərinə qarşı bir təsəlli, Axirət həyatına rəğbətləndirmə və cihada təşviqdir.
Uca Allah buyurur: “Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əlçatmaz qalalarda olsanız belə”, yəni siz mütləq öləcəksiniz və sizdən heç kim ölümdən xilas ola bilməyəcək. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Yer üzündə olan hər kəs ölməyə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (“ər-Rahmən”, 26-27); “Hər kəs ölümü dadacaq” (“Ali-İmran”, 185); “Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!” (“əl-Ənbiya”, 34). Bu ayələrdə hər kəsin mütləq öləcəyi və heç bir şeyin onları ölümdən qurtara bilməyəcəyi nəzərdə tutulur, fərq etməz, istər Allah yolunda döyüşsün, istər döyüşməsin. Onun üçün əzəldən müəyyən olunmuş qəti bir əcəl və müddət vardır. Necə ki Xalid ibn Validin (Allah ondan razı olsun) ölüm ayağında belə dediyi rəvayət edilir: “Filan-filan döyüşlərdə iştirak etdim. Bədən əzalarımdan elə bir əza yoxdur ki, onda ox, nizə və ya qılınc yarası olmasın. Amma indi yatağımda uzanmış ölürəm. Görüm qorxaqların gözünə heç yuxu getməsin!” (əz-Zəməxşəri “Təfsir” 1/431; əd-Dinəvəri “Məcəlisətu və Cəvahirul-İlm” 836. Hədis həsəndir).
Uca Allah buyurur: “Hətta əlçatmaz qalalarda olsanız belə”, yəni möhkəm, güclü, yüksək qalalarda qorunmağınız belə sizi ölümdən qurtara bilməz. Necə ki Zuheyr ibn Əbu Səlmə demişdir:
 
وَمَنْ هَابَ أَسْبَابَ الْمَنَيَا يَنَلْنَهُ   وَلَوْ رَامَ أَسْبَابَ السَّمَاءِ بِسُلَّمِ
 
Kim ölümdən qorxursa, bilsin ki, ondan qaçaraq
Pilləkənlə göyə çıxmış olsa belə, onu haqlayacaq.
 
Uca Allah buyurur: “Onlara bir yaxşılıq üz verdikdə...”, yəni bolluq, meyvələr, əkinlər, uşaqlar və s. bu kimi nemətlər gəldikdə. Bu, İbn Abbas, Əbul-Aliyə və əs-Suddinin təfsiridir. “Bu, Allahdandır!” deyər, bir pislik üz verdikdə isə...”, yəni qıtlıq, quraqlıq, meyvə, məhsul, mal-qara, övlad itkisi və s. bu kimi müsibətlər baş verdikdə. Əbul-Aliyə və əs-Suddi belə təfsir etmişlər. “Bu, səndəndir!” deyərlər”, yəni “bütün bunlar sənin üzündən, sənə və sənin dininə tabe olmağımıza görədir” deyərlər. Necə ki Uca Allah başqa bir ayədə Fironun qövmündən xəbər verərək belə buyurur: “Onlara bir yaxşılıq üz verəndə “Bu bizə məxsusdur!” deyərdilər. Onlara bir pislik üz verdikdə isə Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar” (“əl-Əraf”, 131). Başqa bir ayədə buyurur: “İnsanlardan eləsi də var ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər Axirəti də. Gerçək zərər də elə budur” (“əl-Həcc”, 11). Zahirən İslama daxil olduqlarını göstərən, lakin, əslində, İslam dinini bəyənməyən münafiqlər də belə demişlər. Onlara bir pislik üz verdikdə bunu Peyğəmbərə ﷺ tabe olmalarına nisbət edərdilər. Uca Allah onlara cavab verərək buyurur: “De: “Hamısı Allahdandır!”, yəni hər şey Allahın qəza və qədəri ilə baş verir. Onun qəza və qədəri həm yaxşı, həm günahkar, həm mömin, həm də kafir üçün keçərlidir.
Sonra Uca Allah şəkk və şübhəyə düşdüklərinə, elm və düşüncələrinin azlığına, zülm və savadsızlıqlarının isə çoxluğuna görə belə deyənlərin sözünü inkar edərək “Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?” buyurur.
Sonra Uca Allah Peyğəmbərə ﷺ xitab etməklə bütün insanları nəzərdə tutaraq buyurur: “Sənə gələn yaxşılıq Allahdandır”, yəni sənə gələn hər bir yaxşılıq Allahın lütfü, neməti, mərhəməti və rəhməti sayəsindədir. “Sənə üz vermiş bəla isə sənin özündəndir”, yəni sənin öz tərəfindəndir və əməllərinə görədir. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır” (“əş-Şura”, 30). Qatədə Uca Allahın “Sənə gələn yaxşılıq Allahdandır, sənə üz vermiş bəla isə sənin özündəndir” ayəsinin təfsirində demişdir: “Ey Adəm oğlu, sənə üz verən bəla, öz günahlarına görə aldığın cəzadır”. Sonra demişdir: “Bizə nəql edilmişdir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “İnsanın başına gələn tikan batması, ayaq burxulması və ya damar titrəməsi kimi müsibətlər yalnız onun işlətdiyi hansısa bir günaha görədir. Allahın əfv etdiyi günahlar isə bundan daha çoxdur”. Qatədənin səhabəni qeyd etmədən birbaşa Peyğəmbərdən ﷺ rəvayət etdiyi bu hədis “Səhih” əsərində bitişik sənədlə rəvayət edilir. Hədis belədir: “Canım əlində olan Allaha and olsun ki, möminə üz vermiş elə bir üzüntü, elə bir kədər, elə bir yorğunluq, hətta ayağına batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah həmin müsəlmanın günahlarını bağışlamasın”. (Qatədədən gələn hədisi ət-Tabəri (9969) və əs-Suyuti (2/185) rəvayət etmişlər. Bitişik sənədlə rəvayət olunan hədisi mənaca əl-Buxari və Muslim Aişədən, Əbu Hureyradan və Əbu Səiddən (Allah onlardan razı olsun) rəvayət etmişlər. Bax: əl-Buxari (10/89-91 Fəthul-Bari); Muslim (2/282); “əl-Musnəd” (8014). (Əhməd Şakir). ət-Tabəri, 9969, 10032; əl-Buxari, 5209-5210, 5640-5641; Muslim, 4467, 6730).
İbn Əbu Hatim Mutarrif ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Qədəri nə üçün inkar edirsiniz? “ən-Nisa” surəsində olan ayə sizə kifayət etmirmi? Uca Allah buyurur: “Onlara bir yaxşılıq üz verdikdə “Bu, Allahdandır!” deyər, bir pislik üz verdikdə isə “Bu, səndəndir!” deyərlər”. Yəni gələn pislik səndəndir. Allaha and olsun ki, onlar başlarına gələn müsibəti qədərlə əlaqələndirmədilər. Bu onların əzəldən təyin edilmiş qədərləridir və ona doğru gedirlər”. (İbn Əbu Hatim, 5648). Bu söz “Qədəriyyə” və “Cibriyyə” firqələrinə açıq-aydın və güclü rədd cavabıdır.
Uca Allah buyurur: “Biz səni insanlara elçi göndərdik”, yəni sən insanlara Allahın şəriətini, sevib razı qaldığı və sevmədiyi əməlləri təbliğ edib çatdırırsan. ”Şahid olaraq Allah yetər”, yəni səni elçi olaraq göndərdiyinə Allahın şahidliyi yetər. Həmçinin Allah səninlə onlar arasında baş verənlərə də şahiddir. Sənin onlara təbliğ etdiyini, onların isə sənin bu təbliğinə haqqı inkar edərək küfr və inadkarlıqla qarşılıq verdiklərini ən yaxşı bilən Odur.
 
ən-Nisa, 80-81
مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَمَنْ تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا * وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا مِنْ عِنْدِكَ بَيَّتَ طَائِفَةٌ مِنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ وَكَفَى بِاللَّهِ وَكِيلًا
80. Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.
81. Onlar “İtaət edirik!” deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər.
 
Uca Allah bu ayədə qulu və elçisi Muhəmmədə ﷺ itaət edənin Allaha itaət etdiyini, Peyğəmbərə ﷺ asi olanın isə Allaha asi olduğunu xəbər verir. Çünki Peyğəmbər ﷺ öz istəyi ilə danışmır, onun danışdığı yalnız ona təlqin edilən bir vəhydir. İbn Əbu Hatim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Kim mənə itaət etsə, Allaha itaət etmiş olar, kim mənə asi olsa, Allaha asi olmuş olar. Eləcə də kim əmirə itaət etsə, mənə itaət etmiş olar, kim əmirə asi olsa, mənə asi olmuş olar”. Bu hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində də varid olmuşdur. (Hədis “ən-Nisa” surəsinin 59-cu ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 6604, 7137; Muslim, 4317-3418,  4852).
Uca Allah buyurur: “kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik”, yəni buna görə sənə bir günah yoxdur, sənin üzərinə düşən yalnız təbliğ etməkdir. Sənə tabe olan xoşbəxt olub Cəhənnəm əzabından xilas olar. Onun qazandığı savabın eynisi sənə də yazılar. Səndən üz çevirən isə ziyana düşər və xəsarətə uğrayar. Onun düşdüyü vəziyyətə sən cavabdeh deyilsən. Necə ki bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim Allaha və Elçisinə itaət edərsə, doğru yola yönəlmiş olar. Kim Allaha və Elçisinə asi olarsa, bilsin ki, yalnız özünə zərər vermiş olar”. (Bu hədis, Əbu Davudun (1097, 2119) səhih isnadla Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisin bir hissəsidir. Hədisin sonunda “Allaha heç bir şeylə zərər yetirməz” əlavəsi vardır. (Əhməd Şakir). Əbu Davud, 1097, 1099. Hədis zəifdir. Bax: Daif Sunən Əbu Davud, 238).
“Onlar “İtaət edirik!” deyirlər”. Bu ayədə Uca Allah münafiqlərin zahirən Peyğəmbərə ﷺ itaət və tabeçilik nümayiş etdirdiklərini xəbər verir. “Sənin yanından çıxıb getdikdə isə”, yəni səndən ayrıldıqdan sonra “onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görər”, yəni onlardan bir qrup gecə öz aralarında zahirən nümayiş etdirdiklərinin əksinə tədbir görərlər. “Allah onların gecələr nə tədbir gördüklərini yazır”, yəni Uca Allah onların gecə nə hazırladıqlarını bilir və qullarının əməllərini yazmaqla məsul olan mələklərinə bu etdiklərini onların əleyhinə yazmağı əmr edir. Ayədə təhdid bildirən məna belədir: Münafiqlər Peyğəmbərə ﷺ itaəti və tabeçiliyi zahirən göstərsələr də, Uca Allah onların öz aralarında gizli danışdıqlarını, Allah Elçisinə ﷺ asi olmaq və ona qarşı çıxmağa dair gecə razılaşmalarını yaxşı bilir. Buna görə onları cəzalandıracaq. Necə ki başqa bir ayədə belə buyurur: “Münafiqlər “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!” deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər” (“ən-Nur”, 47).
Uca Allah buyurur: “Onlardan üz döndər”, yəni ey Peyğəmbər, onlara qarşı səbirli ol, onlarla mülayim rəftar et, onları etdiklərinə görə cəzalandırma, gizlətdiklərini insanlara açıqlama, eyni zamanda onlardan qorxma “və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər”, yəni Allaha təvəkkül edib, Ona üz tutanlar üçün Allah dost, yardımçı və köməkçi olaraq yetər.
 
ən-Nisa, 82-83
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا * وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا
82. Onlar Quran barəsində düşünmürlərmi?! Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar.
83. Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən o xəbərin mahiyyətinə varan kəslər onu bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız.
 
Uca Allah bu ayədə qullarına Quran ayələrini düşünüb anlamağı əmr edir. Qurandan üz çevirib onun bəlağətli sözlərini və açıq-aydın mənalarını düzgün olmayan şəkildə başa düşməkdən çəkindirir. Həmçinin bildirir ki, Quranda heç bir ixtilaf və ziddiyyət yoxdur. Çünki o, müdrik və tərifəlayiq Allah tərəfindən haqq olaraq nazil edilmişdir. Bu səbəbdən Uca Allah “Onlar Quran barəsində düşünmürlərmi?!” buyurduqdan sonra “Əgər o, Allahdan başqası tərəfindən olsaydı” buyurur. Yəni əgər Quran, cahil, münafiq və müşriklərin qəlblərində düşündükləri kimi uydurulmuş olsaydı, “əlbəttə, onda çoxlu ixtilaf tapardılar”, yəni içində bir çox ziddiyyətlər və ixtilaflar tapardılar. Halbuki Quran ixtilafdan və ziddiyyətdən uzaqdır, çünki o, Allah tərəfindən nazil edilmişdir. Necə ki Uca Allah bir ayədə elmdə qüvvətli olanlardan bəhs edərək onların: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir” (“Ali-İmran”, 7) dediklərini buyurur. Yəni Quranın həm mənası açıq-aydın olan ayələri, həm də mənası aydın olmayan ayələri haqdır. Bu səbəbdən elmdə qüvvətli olanlar mənası aydın olmayan ayələri mənası açıq-aydın olan ayələrlə şərh edib hidayətə çatırlar. Qəlblərində əyrilik olanlar isə mənası açıq-aydın olan ayələri mənası aydın olmayan ayələrlə şərh edib azırlar. Buna görə Uca Allah elmdə qüvvətli olanları tərifləmiş, qəlblərində əyrilik olanları isə pisləmişdir.
İmam Əhməd Amr ibn Şueybdən, o da atasından, o da Şueybin babasından belə rəvayət etmişdir: “Bir dəfə qardaşım və mən bir məclisdə oturmuşduq. Bu məclisdə iştirak etmək mənə qırmızı dəvələrə sahib olmaqdan daha sevimli idi. Biz məclisə gəldik və bir də gördük ki, Peyğəmbərin ﷺ səhabələrindən ibarət bir qrup insan məscidin qapılarından birinin yanında yığışıb. Biz məclisin ortasına girib onları ayırmaq istəmədik və kənarda yaxın bir yerə oturduq. Onlar Qurandan bir ayəni zikr edərək onun barəsində mübahisə etməyə başladılar və səsləri yüksəldi. Bu vaxt Peyğəmbər ﷺ qəzəbdən üzü qızarmış halda çıxdı. Peyğəmbər ﷺ onların üstünə torpaq ataraq dedi: “Ey insanlar, ehtiyatlı olun! Çünki sizdən əvvəlki ümmətlər peyğəmbərlərinə çox sual vermələri və kitabların ayələrini bir-birinə qarşı qoymaları üzündən həlak olmuşlar. Həqiqətən, Quranın bir qismi digərini inkar etmir, əksinə, bir qismi digərini təsdiqləyir. Bu səbəbdən Qurandan bildiyinizə əməl edin, bilmədiyinizi isə bilənlərə həvalə edin”. Hədisi İmam Əhməd və İbn Məcə müxtəsər olaraq da rəvayət etmişlər. (Hədisin birinci geniş variantı “əl-Musnəd” əsərində (6702), ikinci müxtəsər variantı isə “əl-Musnəd” əsərində və İbn Məcənin “Sunən” əsərindədir (85). Hamısının sənədi səhihdir. (Əhməd Şakir). Əhməd, 6702; İbn Məcə, 85. Hədis həsən səhihdir. Bax: Mişkətul-Məsabih, 9/99, 237, Ziləlul-Cənnə” 406).
İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə Əbu İmran əl-Cəuni Abdullah ibn Rabəhə məktub yazaraq Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini bildirmişdir: “Bir gün səhər tezdən Peyğəmbərin ﷺ yanına getdim. Biz oturmuşduq və bu zaman iki nəfər bir ayə barəsində ixtilaf etməyə başladı və səsləri yüksəldi. Peyğəmbər ﷺ bunu eşidib dedi: “Sizdən əvvəlki ümmətləri Allahın Kitabı barədə ixtilafa düşmələri həlak etmişdir”. Hədisi Muslim və ən-Nəsəi rəvayət etmişlər. (“əl-Musnəd” (6702); Muslim (2/304); “əl-Musnəd” (6845, 6846). (Əhməd Şakir). Əhməd, 6801; Muslim, 4818, 6947).
Uca Allah “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar” buyurmaqla bir hadisənin doğruluğunu yəqinləşdirmədən onu xəbər verməyə tələsənlərin əməllərini pisləyir. Çünki belə etmək doğru olmayan bir xəbərin yayılmasına gətirib çıxara bilər. İmam Muslim “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Bir insanın hər eşitdiyini danışması onun yalançı olması üçün kifayətdir”. Hədisi Əbu Davud da rəvayət etmişdir.* Muslim (1/5); İbn Hibban (29). (Əhməd Şakir). Muslim, 6-7; Əbu Davud, 4992).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Muğira ibn Şöbədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ dedi-qodunu qadağan etmişdir. Yəni insanların dediklərini dəqiqləşdirmədən, nəticəsini düşünmədən və aydınlaşdırmadan danışmağı qadağan etmişdir. Əbu Davudun “Sunən” əsərində Peyğəmbərin ﷺ belə dediyi rəvayət olunur: “Bir insanın əmin olmadığı bir şey barədə “Belə-belə deyirlər” deməsi onun üçün nə pis minikdir (Peyğəmbərin ﷺ bir insan danışarkən “Belə-belə deyirlər” deməsini pis miniyə bənzətməsinin səbəbi budur ki, pis miniyin insanı yarı yolda qoyub məqsədinə çatdırmadığı kimi, doğruluğunu yəqin bilmədiyi sözü demək də insana fayda verməz və onu məqsədinə çatdırmaz).”. (Hədisi Əbu Davud (4972) Əbu Məsud və ya Huzeyfədən (Allah onlardan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Əbu Davud, 4972. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 866). “Səhih” əsərində varid olan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim yalan olduğunu yəqin bildiyi halda bir sözü nəql edərsə, o da yalançılardan biridir”. (Hədisi Muslim (1/5) Səmura ibn Cundub və əl-Muğira ibn Şöbədən, İbn Hibban (28) isə yalnız Səmuradan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 1).
Burada təfsir alimləri səhih olmasında həmrəy olduqları Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) hədisini qeyd edirlər. Ömərə Peyğəmbərin ﷺ zövcələrini boşaması xəbəri çatdıqda evindən çıxıb məscidə gəldi və gördü ki, insanlar bu barədə danışırlar. Səbir etməyib Peyğəmbərin ﷺ yanına girməyə izin istədi və ondan soruşdu: “Ey Allahın Elçisi, zövcələrini boşamısanmı?” Peyğəmbər ﷺ “Xeyr” deyə cavab verdi. Ömər dedi: “Mən “Allahu-Əkbər” (Allah Ən Böyükdür) dedim”. Sonra Ömər hədisin davamını danışdı. (əl-Buxari, 4792, 5191). Muslimin rəvayəti isə belədir: “Ömər dedi: “Mən soruşdum: “Onları (zövcələrini) boşadınmı?” Peyğəmbər ﷺ “Xeyr” deyə cavab verdi. Mən məscidin qapısında dayanıb uca səslə “Peyğəmbər zövcələrini boşamamışdır!” deyə səsləndim”. Bu zaman bu ayə nazil oldu: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən o xəbərin mahiyyətinə varan kəslər onu bilərdilər”. Ömər dedi: “Mən bu xəbərin mahiyyətinə varan kəslərdən biri idim”. (Burada İbn Kəsir əl-Buxari və Muslimin rəvayət etdikləri uzun hədisə işarə edir. Bax: “əl-Musnəd” (222). (Əhməd Şakir). Muslimin rəvayət etdiyi uzun hədisin tam mətni belədir: Rəvayət edilir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ zövcələrini müvəqqəti olaraq tərk etmişdi. Mən məscidə daxil olduqda orada olanların kədərlə “Peyğəmbər ﷺ zövcələrini boşayıb!” dediklərini eşitdim. O vaxt hələ qadınlara hicab geyinmək əmr edilməmişdi. Mən öz-özümə dedim: “Bu gün mən bu məsələni mütləq öyrənməliyəm!” Sonra Aişənin yanına gəlib dedim: “Ey Əbu Bəkrin qızı! Sən o həddə çatmısan ki, Allahın Elçisinə ﷺ əziyyət verirsən?” O dedi: “Mənim etdiklərimin sənə heç bir aidiyyəti yoxdur. Yaxşı olar ki, sən öz qızına öyüd-nəsihət verəsən”. Mən Həfsənin yanına gəlib dedim “Ey Həfsə, sən o həddə çatmısan ki, Allahın Elçisinə ﷺ əziyyət verirsən? Allaha and olsun ki, Peyğəmbərin ﷺ səni sevmədiyini bilirsən və mən olmasaydım, o səni boşayardı!” Həfsə bunu eşitdikdə ağladı. Mən ondan Peyğəmbərin ﷺ harada olduğunu soruşduqda Həfsə “O öz eyvanındadır” deyə cavab verdi. Mən içəri daxil olduqda Peyğəmbərin ﷺ xidmətçisi Rəbahı gördüm. O, eyvanın astanasında oturub ayaqlarını Peyğəmbərin ﷺ söykənmək üçün istifadə etdiyi kötüyün üzərinə uzatmışdı. Mən onu çağırıb dedim: ”Ey Rəbah, Allahın Elçisindən ﷺ izn istə onun yanına daxil olum”. O əvvəl eyvana, sonra da mənə baxıb heç nə demədi. Mən yenə onu çağırıb dedim: “Ey Rəbah, Allahın Elçisindən ﷺ izn istə, onun yanına daxil olum”. O yenə əvvəl eyvana, sonra da mənə baxıb heç nə demədi. Mən onu uca səslə çağırıb dedim: “Ey Rəbah, Allahın Elçisindən ﷺ izn istə, onun yanına daxil olum. Yəqin ki, Peyğəmbər ﷺ mənim Həfsəni müdafiə etmək üçün gəldiyimi güman edir. Allaha and olsun ki, əgər o mənə əmr etsəydi, Həfsənin boynunu vurardım”. Bu dəfə Rəbah başı ilə mənə işarə edib Peyğəmbərin ﷺ yanına daxil olmağa izn verdi. Mən Peyğəmbərin ﷺ yanına daxil olduqda o, həsirin üzərində uzanmışdı, əynində də izardan (bədənin qurşaqdan aşağı hissəsini örtən geyimdən) başqa heç nə yox idi. Sonra o qalxıb oturdu. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb orada dörd ovuc arpa, bir o qədər akasiya ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey görmədim. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər ﷺ dedi: “Ey Xattabın oğlu, səni ağladan nədir?” Mən dedim: “Ey Allahın Elçisi! Axı necə ağlamayım. Gör həsir sənin bədənini nə hala salıb, eyvanında da bu gördüklərimdən başqa bir şey yoxdur. Rum və fars hökmdarları – Qeysər və Xosrov isə cah-calal içərisində yaşayırlar. Sən isə Allahın seçdiyi bir elçi olduğun halda, belə bir şəraitdə yaşayırsan”. Peyğəmbər ﷺ dedi: “Ey Xattabın oğlu, istəmirsən ki dünya onların, Axirət isə bizim olsun?” Mən “Bəli, istəyirəm” deyə cavab verdim. Sonra mən ondan qəzəblənməsinin səbəbini soruşub dedim: “Zövcələrin nəyə görə narazılıq edir? Əgər sən onları boşasan, bil ki, Uca Allah, Onun mələkləri, Cəbrail, Mikail, mən, Əbu Bəkr və bütün möminlər səninləyik!” Mən çox nadir hallarda Allahdan dediklərimin təsdiq olunmasını istəyirdim. Mən bunu Uca Allahdan dilədikdə o bu ayəni nazil etdi: “Hər ikiniz (Həfsə və Aişə) Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi günaha meyil etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa, mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər” (“ət-Təhrim”, 4-5).
Əbu Bəkrin qızı Aişə və (Ömərin qızı) Həfsə Peyğəmbərin ﷺ digər zövcələrini ona qarşı çıxmağa sövq etməklə bir-birinə kömək edirdilər. Mən dedim: “Ey Allahın Elçisi, sən onları boşadınmı?” O “Xeyr” deyə cavab verdi. Mən dedim: “Ey Allahın Elçisi! Mən məscidə daxil olduqda orada olanların kədərlə “Allahın Elçisi ﷺ zövcələrini boşayıb!” dediklərini eşitdim. Bunun doğru olmadığını onlara xəbər verimmi?” Peyğəmbər ﷺ dedi: “İstəyirsənsə, xəbər ver!” Peyğəmbərin ﷺ qəzəbi soyuyub, üzündə təbəssüm hiss olunana qədər mən onunla söhbət etdim. O, oturduğu kötüyün üstündən qalxıb getdikdə mən dedim: “Ey Allahın Elçisi, iyirmi doqquz gündür ki, otağındasan”. O dedi: “Ay da iyirmi doqquz gündən ibarət olur”. Mən məscidin qapısının önündə dayanıb uca səslə car çəkib dedim: “Allahın Elçisi ﷺ zövcələrini boşamayıb!” Uca Allah da bu ayəni nazil etdi: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən o xəbərin mahiyyətinə varan kəslər onu bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız”. Mən də o xəbərin mahiyyətinə varan şəxslərdən idim”. (Muslim, 2704, 3764; Əbu Yəalə, 164).
Uca Allah buyurur: “xəbərin mahiyyətinə varan kəslər”, yəni onu mənbəyindən öyrənən kəslər. “Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah burada (hamınız deməklə) möminləri qəsd edir”.
 
ən-Nisa, 84-87
فَقَاتِلْ فِي سَبِيلِ اللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللَّهُ أَنْ يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُوا وَاللَّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنْكِيلًا * مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُقِيتًا * وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللَّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا * اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ حَدِيثًا
84. Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də döyüşə təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.
85. Kim yaxşı bir işə vasitəçilik edərsə, ona onun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik edərsə, ona da onun günahından bir pay düşər. Allah hər şeyi hesaba alandır.
86. Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin hesabını çəkəndir.
87. Özündən başqa məbud olmayan Allah, baş verəcəyinə şübhə edilməyən Qiyamət günü sizi mütləq bir yerə toplayacaqdır. Verdiyi xəbərdə Allahdan daha doğru danışan kim ola bilər?
 
Uca Allah bu ayədə qulu və elçisi Muhəmmədə ﷺ şəxsən döyüşə qatılmağı əmr edir. Qorxaraq döyüşdən imtina edənlərə görə isə Peyğəmbər ﷺ məsuliyyət daşımır. Bu səbəbdən Uca Allah ayədə “Sən ancaq özünə cavabdehsən” buyurur.
İbn Əbu Hatim Əbu İshaqın belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən əl-Bəra ibn Azibdən soruşdum: “Döyüşdə qabağa atılıb yüz düşmənlə döyüşən kişi Uca Allahın “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” (“əl-Bəqərə”, 195) ayəsində nəzərdə tutduğu kəslərə aiddirmi?” əl-Bəra dedi: “Uca Allah Peyğəmbərinə ﷺ “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də döyüşə təşviq et!” buyurmuşdur”. (İbn Əbu Hatim, 5704). Hədisi İmam Əhməd Süleyman ibn Davuddan, o da Əbu Bəkr ibn Ayyəşdən, o da Əbu İshaqdan rəvayət etmişdir. İmam Əhmədin hədisində Əbu İshaq belə demişdir: “əl-Bəradan soruşdum: “Təkbaşına müşriklərin üzərinə hücuma keçən kişi öz əli ilə özünü təhlükəyə atanlardandırmı?” O dedi: “Xeyr! Çünki Uca Allah Elçisini ﷺ göndərmiş və ona “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də döyüşə təşviq et!” buyurmuşdur. Uca Allahın “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” (“əl-Bəqərə”, 195) ayəsi mallarını Allah yolunda xərcləməyənlərə aiddir”. Hədisi İbn Mərdəveyh də rəvayət etmişdir. (“əl-Musnəd” (4/281. Hələbi nəşri). Hədisin isnadları səhihdir. (Əhməd Şakir). Əhməd, 18500, 18669. Şueyb əl-Arnavut demişdir: “Ayənin nazilolma səbəbi barədə Huzeyfədən (Allah ondan razı olsun) rəvayət olunan hədis səhihdir”).
Uca Allah buyurur: “Möminləri də döyüşə təşviq et!”, yəni möminləri döyüşməyə həvəsləndir. Necə ki Peyğəmbər ﷺ Bədr döyüşündə səfləri düzəldərkən belə deyirdi: “Genişliyi göy və yer qədər olan Cənnətə doğru qalxın!” (Hədisi Muslim (2/101) Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 3520, 5024). Allah yolunda döyüşə təşviqi ehtiva edən bir çox hədis varid olmuşdur. Bu hədislərdən biri də əl-Buxarinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim Allaha və Onun elçisinə iman gətirir, namaz qılır və Ramazan orucunu tutursa, (bundan sonra) istər Allah yolunda hicrət etsin, istərsə də doğulduğu diyarda qalsın, Allah onu Cənnətə daxil etməyi Özünə vacib etmişdir”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, insanları müjdələyəkmi?” Peyğəmbər ﷺ dedi: “Cənnətdə Allahın, Onun yolunda cihad edənlər üçün hazırladığı yüz mərtəbə vardır. Bu mərtəbələrdən hər iki mərtəbə arasındakı məsafə yerlə göy arasında olan məsafəyə bərabərdir. Allahdan Cənnət dilədiyiniz zaman Firdovs cənnətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mərtəbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi (“əl-Bəqərə” surəsinin 255-ci ayəsinin təfsirinə bax). yerləşir. Cənnət çayları oradan qaynayıb axır”. (əl-Buxari (6/9-10, 13/394-395 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 2581, 2790). Oxşar hədis Muaz, Əbu Dərdə və Ubədədən də rəvayət edilmişdir.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ ona dedi: “Ey Əbu Səid, Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razı olana Cənnət vacib olar”. Əbu Səid buna təəccüb etdi və dedi: “Ey Allahın Elçisi, mənim üçün onu təkrar et!” Peyğəmbər ﷺ dediyini təkrar etdi, sonra belə buyurdu: “Başqa bir şey var ki, Allah onunla qulunu Cənnətdə yüz mərtəbə qaldırar. Hər iki mərtəbə arasındakı məsafə yerlə göy arasında olan məsafə qədərdir”. Əbu Səid “O hansı əməldir, ey Allahın Elçisi?” deyə soruşduqda Peyğəmbər ﷺ dedi: “Allah yolunda cihad etməkdir”. Hədisi Muslim rəvayət etmişdir. (Muslim (2/97). (Əhməd Şakir). Muslim, 3496, 4987).
Uca Allah buyurur: “Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın”, yəni ümid olunur ki, sənin möminləri döyüşə təşviq etməyin, onları düşmənlə mübarizəyə, İslam diyarını və xalqını müdafiəyə, düşmənə qarşı müqavimətə və səbrə yönəldər.
Uca Allah buyurur: “Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir”, yəni Allah onlardan həm dünyada, həm də Axirətdə qisas almağa qadirdir. Necə ki başqa bir ayədə belə buyurur: “Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O sizi bir-birinizlə sınağa çəkmək üçün belə etdi” (“Muhəmməd”, 4).
Uca Allah buyurur: “Kim yaxşı bir işə vasitəçilik edərsə, ona onun savabından bir pay düşər”, yəni kim xeyirlə nəticələnən bir işə can atarsa, bu xeyirdən onun da bir payı var, “kim də pis bir işə vasitəçilik edərsə, ona da onun günahından bir pay düşər”, yəni çalışdığına və niyyət etdiyinə görə bu pis işdən ona da günah var. “Səhih” əsərində varid olan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Xeyir işlərdə vasitəçilik edin ki, savab qazanasınız. Allah dilədiyi bir şeyə Öz peyğəmbərinin dili ilə hökm edəcəkdir”. (əl-Buxari (3/237 Fəthul-Bari); Muslim (2/293). (Əhməd Şakir). əl-Buxari, 1342, 1432). Mucahid ibn Cəbr demişdir: “Bu ayə insanları xeyir işlərdə bir-birilərinə vasitəçilik etməyə rəğbətləndirmək üçün nazil olmuşdur”. əl-Həsən əl-Bəsri demişdir: “Kim yaxşı bir işə vasitəçilik edərsə, şəfaəti qəbul olunmasa belə, ona bu şəfaətinə görə savab yazılar. Çünki Uca Allah ayədə “Kim yaxşı bir işə vasitəçilik edərsə” buyurur, “kimin şəfaəti qəbul olunarsa” buyurmur”. (ət-Tabəri, 10017, 10081).
Uca Allah buyurur: “Allah hər şeyi hesaba alandır”. İbn Abbas, Əta və Qatədə ayədə keçən مُقِيتٌ [muqi:t] sözünü “qoruyan” kimi təfsir etmişlər. Mucahid bu sözü “şahid” kimi, başqa bir rəvayətdə isə “hesaba alan” kimi təfsir etmişdir. Səid ibn Cubeyr, əs-Suddi və İbn Zeyd isə bu sözün “qadir” mənasını verdiyini demişlər. Abdullah ibn Kəsir bu sözü “idarə edən”, əd-Dahhək isə “ruzi verən” kimi təfsir etmişdir. (ət-Tabəri مُقِيتٌ [muqi:t] sözünü “qadir” mənasında təfsir edənlərin rəylərinin doğru olduğunu bildirmişdir. Bax: “Təfsir ət-Tabəri” (8/584). Diqqətlə nəzərdən keçirsək, görərik ki, digər rəylərin hamısı məhz bu mənaya qayıdır. (Əhməd Şakir).
Uca Allah buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!”, yəni bir müsəlman sizə salam verdikdə ona onun verdiyi salamdan daha üstünü ilə qarşılıq verin və ya onun verdiyi salamın eynisini qaytarın. Salama daha gözəl şəkildə qarşılıq vermək müstəhəb (bəyənilən), salamı olduğu kimi qaytarmaq isə vacibdir.
İbn Cərir rəvayət edir ki, Salman əl-Farisi (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gələrək “əs-Sələmu aleykum (Sənə Allahın salamı olsun), ey Allahın Elçisi!” dedi. Peyğəmbər ﷺ ona “Va aleykumus-sələm və rahmətullah (Allahın salamı və rəhməti sənin üzərinə olsun)” deyə cavab verdi. Sonra başqa biri gələrək “əs-Sələmu aleykum və rahmətullah” (Allahın salamı və rəhməti sənin üzərinə olsun), ey Allahın Elçisi!” dedi. Peyğəmbər ﷺ ona “Va aleykumus-sələm və rahmətullahi və bərakətuhu (Allahın salamı, rəhməti və bərəkətləri sənin üzərinə olsun)” deyə cavab verdi. Sonra başqa bir kişi gələrək “əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu (Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun), ey Allahın Elçisi!” dedi. Peyğəmbər ﷺ ona “Va aleykə (Sənin də)” dedikdə kişi “Ey Allahın Elçisi, atam-anam sənə fəda olsun! Sənə filan-filan kəslər gəlib salam verdi və sən də onlara mənə verdiyin cavabdan daha artığı ilə cavab verdin” dedi. Peyğəmbər ﷺ dedi: “Sən bizə əlavə etməyə heç nə qoymadın. Uca Allah “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!” buyurur. Biz də sənə verdiyin salamı olduğu kimi qaytardıq”. Hədisi İbn Əbu Hatim tabiindən rəvayət etmişdir. Həmçinin İbn Mərdəveyh Abdullah ibn Əhməd ibn Hənbəldən, o da atasından eyni hədisi rəvayət etmişdir. Lakin mən bu hədisi “əl-Musnəd” əsərində tapa bilmədim. Ən doğrusunu Allah bilir. (Əhməd Şakir demişdir: “Hədisi ət-Tabəri (10044) rəvayət etmişdir. Hədis, İbn Kəsirin dediyi kimi, “əl-Musnəd” əsərində yoxdur. əs-Suyuti (2/188) bildirmişdir ki, hədisi İmam Əhməd “Zuhd” kitabında qeyd etmişdir. Əlavə olaraq hədisi İbn əl-Munzirə və ət-Tabəraniyə nisbət etmişdir. Həmçinin hədisin isnadının həsən olduğunu bildirmişdir. Hədis “əz-Zəvaid” kitabında (8/33) ət-Tabəraninin rəvayəti ilə qeyd olunub. Bütün isnadlarını və hədis barədə deyilənləri cəm etsək, hədis ən aşağısı “həsən” dərəcəsindədir”. ət-Tabərani “Mucəmul-Kəbir” 6114. Hədis münkərdir. Bax: Silsilə əd-Daifə, 5433).
Bu hədis dəlalət edir ki, salam verərkən və alarkən “əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu” (Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun) cümləsinə əlavə etmək olmaz. Çünki əgər bundan daha artığını demək icazəli olsaydı, əlbəttə, Peyğəmbər ﷺ buna əlavə edərdi.
İmam Əhməd rəvayət etmişdir ki, İmran ibn Husayn (Allah ondan razı olsun) belə demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək “əs-Sələmu aleykum“ deyə salam verdi. Peyğəmbər ﷺ onun salamını aldı və kişi oturdu. Peyğəmbər ﷺ “On savab qazandı” dedi. Sonra başqa bir kişi gəldi və “əs-Sələmu aleykum və rahmətullah” deyə salam verdi. Peyğəmbər ﷺ onun salamını aldı, o da oturdu. Peyğəmbər ﷺ “İyirmi savab qazandı” dedi. Sonra başqa bir kişi gələrək “əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu” deyə salam verdi. Peyğəmbər ﷺ onun da salamını aldı, o da oturdu. Peyğəmbər ﷺ “Otuz savab qazandı” dedi”. Hədisi Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və əl-Bəzzər rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu bildirmişdir. əl-Bəzzər demişdir: “Bu hədis Peyğəmbərdən ﷺ bir neçə şəkildə rəvayət edilmişdir. Lakin sənəd baxımından ən yaxşısı budur”. (“əl-Musnəd” (4/439-440 Hələbi nəşri). Hədisin isnadı əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir. (Əhməd Şakir). Əbu Davud, 5197; ət-Tirmizi, 2689, 2905. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2710).
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Atəşpərəst olsa belə, Allahın bəndələrindən kim sənə salam verərsə, salamını al, çünki Uca Allah “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!” buyurur”. (ət-Tabəri (10039). ət-Tabəri və İbn Əbu Hatimin rəvayət etdikləri isnad səhihdir. Həmçinin əl-Buxari “əl-Ədəb əl-Mufrad” (1107) əsərində rəvayət etmişdir. əl-Buxarinin rəvayəti belədir: “Yəhudilərin, nəsranilərin və məcusilərin salamını alın, çünki Allah belə buyurur: …”. Hədisin isnadı səhihdir. əs-Suyuti (2/188) hədisi həmçinin İbn Əbu Şeybəyə, İbn Əbu əd-Dunyəyə və İbn əl-Munzirə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5729; ət-Tabəri, 10039, 10102).
Zimmi kafirlərə (Zimmi kafir - cizyə (vergi) ödəməklə müsəlman ölkəsində yaşayan kafirlərdir). gəlincə, müsəlmanlar onlara ilk olaraq salam verməməli və verdikləri salama əlavə etməməlidirlər. Əksinə, verdikləri salamı olduğu kimi qaytarmalıdırlar. əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Yəhudilər sizə salam verdikdə “əs-Səmu aleykə (sənə ölüm olsun)!” deyirlər. Sən də onlara “Va aleykə (sənə də)” deyə cavab ver!” (əl-Buxari, 5787, 6257). Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Yəhudi və xaçpərəstlərə ilk salam verən siz olmayın. Onlarla bir yolda rastlaşdıqda onları yolun ən dar hissəsinə sıxışdırın!” (Muslim, 4030, 5789). əl-Həsən əl-Bəsri demişdir: “Salam vermək sünnədir (müstəhəbdir), salamı almaq isə fərzdir”. (ət-Tabəri, 10046, 10109). əl-Həsən əl-Bəsrinin bu sözü – salamı almağın vacib olması bütün alimlər tərəfindən qəbul edilən görüşdür. Salam verilən kəs salamı almadığı təqdirdə günah qazanır, çünki o, Uca Allahın “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!” ayəsindəki əmrinə qarşı çıxmış olur. (İbn Useymin bu ayəni şərh edərkən demişdir: “Əgər biri sənə “əs-Sələmu aleykə!” desə, sən ona “Va aleykəs-sələm!” de və deyiləndən heç nə əskiltmə. Əgər “əs-Sələmu aleykə və rahmətullah!” deyərsə, sən “Va aleykəs-sələm və rahmətullah!” de. Əgər “əs-Sələmu aleykə və rahmətullahi və bərəkatuhu!” deyərsə, sən “Va aleykəs-sələm və rahmətullahi və bərəkatuhu!” de. Bütün bunlar vacibdir, çünki Uca Allah ayədə “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın” deyə əmr edir. Əgər adam sənə “əs-Sələmu aleykə!” desə, sən də ona “Va aleykəs-sələm və rahmətullah!” desən, daha gözəl və daha üstün olanı yerinə yetirmiş olarsan. Lakin bunu etmək vacib deyil. Vacib olan budur ki, verilən salamı ən azı olduğu kimi alasan. Uca Allahın “daha gözəl şəkildə alın” sözü bu salamın həm növünü, həm kəlmələrinin sayını, həm də keyfiyyətini əhatə edir. Məsələn, biri sənə “əs-Sələmu aleykə!” desə, sən də ona “Xoş gördük, Allah sənə uzun ömür versin!” desən, boynuna düşən vacibi yerinə yetirmiş sayılmayacaqsan. Hətta bu sözü min kərə desən belə, yenə bunun sənə heç bir faydası olmayacaq və əksinə, günah qazanacaqsan. Çünki bu cavabınla sən boynuna düşən vacibi nə olduğu kimi qaytarmış, nə də ki onu daha böyük ehtiramla qaytarmış sayılmayacaqsan. Belə ki, o, sənə “əs-Sələmu aleykə!” deyəndə, sənin üçün həm dua edir – sənə salamatlıq diləyir, həm də səni salamlayır. Sən isə ona “Xoş gördük!” deməklə onu, sadəcə, salamlayırsan ki, bu da duasız salamlama sayılır. Odur ki salamın növünü olduğu kimi, yaxud bundan da gözəl tərzdə qaytarmaq gərəkdir. Kəlmələrinin sayında da, həmçinin bunu olduğu kimi və ya daha gözəl tərzdə qaytarmaq lazımdır. Əgər adam sənə “əs-Sələmu aleykə və rahmətullah!” desə, sənin ona, sadəcə, “Va aleykəs-sələm!” deməyin düzgün deyil. Çünki sən bununla onun salamını nə gözəl şəkildə almış, nə də olduğu kimi qaytarmış sayılırsan. Bu salamı ən azı olduğu kimi qaytarmaq vacibdir. Həmçinin keyfiyyət baxımından da bu qaydaya riayət etmək gərəkdir. Əgər adam sənə aydın və uca səslə salam verirsə, sənin bu salamı mızıldanaraq almağın nöqsan sayılır. Habelə əgər adam üzünü sənə tərəf tutub, üstəlik gülərüzlə sənə salam verirsə, sənin ondan üz çevirərək və ya üz-gözünü turşudaraq salam verməyin yenə nöqsan sayılır. Beləliklə, sən onun salamını nə gözəl şəkildə almış, nə də olduğu kimi qaytarmış sayılırsan. Bu möhtəşəm ayədən o da aydın olur ki, əgər kafirlərdən biri səni salamlayıb, aydın ifadə ilə “əs-Sələmu aleykə!” desə, ona “Va aleykəs-sələm!” deyə bilərsən. Çünki bunu deməklə onun salamını olduğu kimi qaytarmış hesab edilərsən. Qaldı ki Peyğəmbərin ﷺ “Kitab əhli sizə salam verdiyi zaman siz onlara “Va aleykum!” deyin”, yəni onlara: “Va aleykumus-sələm!” deməyin!” sözünə, Peyğəmbər ﷺ bunun səbəbini həmin hədisdə açıqlayıb demişdir: “Yəhudilər salam verdikdə “əs-Səmu aleykum”, yəni “Sizə ölüm olsun!” deyə sizə bəddua edirlər. Siz də onlara “Va aleykum (sizin özünüzə olsun)!” deyin”. Bu hədisdən aydın olur ki, əgər onlar “əs-Sələmu aleykum” desələr, biz onlara “Va aleykumus-sələm” deyə cavab veririk, çünki Uca Allah buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!” (Bax: Şərh Riyadus-Salihin, 1/956).
Sonra Uca Allah “Özündən başqa məbud olmayan Allah” buyurmaqla bütün varlıqların tək ilahı olduğunu bildirir. Bu cümlə, həmçinin özündə and mənasını daşıyır. Çünki Uca Allah bundan sonra “...baş verəcəyinə şübhə edilməyən Qiyamət günü sizi mütləq bir yerə toplayacaqdır” buyurur. Burada لَيَجْمَعَنَّكُمْ [ləyəcməannəkum] “sizi mütləq bir yerə toplayacaqdır” ifadəsinin əvvəlində “ləm” hərfinin gəlməsi əvvəlki cümlənin and mənasını verdiyinə işarədir. Bu səbəbdən Uca Allah “Özündən başqa məbud olmayan Allah” buyurmaqla həm xəbər verir, həm də and içir ki, O, mütləq əvvəlkiləri də, sonrakıları da bir yerə toplayacaq və hər kəsi əməlinə görə mükafatlandıracaqdır.
Uca Allah buyurur: “Verdiyi xəbərdə Allahdan daha doğru danışan kim ola bilər?”, yəni sözündə, verdiyi xəbərində, vədində və təhdidində Allahdan daha doğru danışan heç kim yoxdur, Ondan başqa ibadətə layiq məbud və Rəbb yoxdur.
 
ən-Nisa, 88-91
فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللَّهُ أَرْكَسَهُمْ بِمَا كَسَبُوا أَتُرِيدُونَ أَنْ تَهْدُوا مَنْ أَضَلَّ اللَّهُ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا * وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّى يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدْتُمُوهُمْ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا * إِلَّا الَّذِينَ يَصِلُونَ إِلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ أَوْ جَاءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَنْ يُقَاتِلُوكُمْ أَوْ يُقَاتِلُوا قَوْمَهُمْ وَلَوْ شَاءَ اللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْا إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا * سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَنْ يَأْمَنُوكُمْ وَيَأْمَنُوا قَوْمَهُمْ كُلَّ مَا رُدُّوا إِلَى الْفِتْنَةِ أُرْكِسُوا فِيهَا فَإِنْ لَمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوا إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّوا أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأُولَئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُبِينًا
88. Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Yoxsa siz Allahın azdırdığı kimsəni doğru yola yönəltmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün əsla doğru yol tapa bilməzsən.
89. Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə, onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.
90. Ancaq sizinlə aralarında müqavilə olan bir camaata sığınanlar, yaxud sizinlə və ya öz camaatı ilə vuruşmaqdan köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vuruşmanıza yol verməz.
91. Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda bütünlüklə ona dalarlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik.
 
Uca Allah bu ayələrdə möminlərin münafiqlər barədə iki dəstəyə ayrılmalarını pisləyir. Bu ayənin nazilolma səbəbi barədə alimlər arasında fikir ayrılığı var. İmam Əhməd Zeyd ibn Sabitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Uhud döyüşünə getdikdə onunla olanların bir qismi (Abdullah ibn Ubey ibn Səlul və onun tərəfdarları) geri qayıtdı. Peyğəmbərin ﷺ səhabələri bu geri dönənlər barədə iki dəstəyə ayrıldılar. Bir dəstə “Onları öldürək” deyərkən, digər dəstə “Xeyr, öldürməyək” deyirdi. Uca Allah da bu ayəni nazil etdi: “Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geri qaytarmışdır”. Peyğəmbər ﷺ dedi: “Həqiqətən Mədinə Taybədir (Təmizdir). Od dəmirin pasını təmizlədiyi kimi, o da özündəki pislikləri təmizləyir (Abdullah ibn Ubey ibn Səlul və onun kimilərini oradan uzaqlaşdırır).”. Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (“əl-Musnəd” (5/184 Hələbi çapı); ət-Tabəri (10049, 10051). (Əhməd Şakir). Əhməd, 21677, 21968; əl-Buxari, 3744, 4050. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3583). İbn İshaq qeyd etmişdir ki, Uhud döyüşü baş verən günü Abdullah ibn Ubey ibn Səlul qoşunun üçdə biri ilə, yəni üç yüz nəfərlə geri qayıtmışdı. Peyğəmbərin ﷺ yanında isə yeddi yüz nəfər qalmışdı. (əl-Beyhəqi “Sunənul-Kubra” 17640).
Uca Allah buyurur: “Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır”, yəni Allah onları “etdikləri əməllərə” – asiliklərinə və Peyğəmbərə ﷺ qarşı çıxıb batilə tabe olmalarına görə geri qaytarmaqla səhv yola salmışdır.
Uca Allah buyurur: “Yoxsa siz Allahın azdırdığı kimsəni doğru yola yönəltmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün əsla doğru yol tapa bilməzsən”, yəni Allahın doğru yoldan azdırdığı kimsəni azğınlıqdan hidayətə aparacaq nə bir yol, nə də bir xilaskar tapılmaz.
Uca Allah buyurur: “Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər”, yəni siz onlarla eyni olasınız deyə, sizin azmağınızı istəyərlər. Bu istək onların sizə olan şiddətli düşmənçilik və kinlərindən qaynaqlanır. Bu səbəbdən Uca Allah ayənin ardında buyurur: “Onlar Allah yolunda hicrət etməyincə, onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirsələr...”, İbn Abbasa (Allah ondan razı olsun) görə, yəni “əgər hicrəti tərk etsələr”, əs-Suddiyə görə isə “əgər küfrlərini büruzə versələr”, “...onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun”, yəni bu halda olduqları müddətcə onları özünüzə dost tutmayın və onlardan düşmənlərinizə qarşı özünüzə yardımçı tutmayın.
Sonra Uca Allah onlardan bəzilərini istisna edərək buyurur: “Ancaq sizinlə aralarında müqavilə olan bir camaata sığınanlar, .... istisnadır”, yəni yalnız sizinlə aralarında sülh müqaviləsi və ya saziş olan bir qövmə sığınanlar müstəsnadır. Onların hökmünü aranızda razılaşma olan camaatın hökmü ilə eyni edin. Bu təfsir əs-Suddi, İbn Zeyd və İbn Cərirə aiddir.
İbn Əbu Hatim Əli ibn Zeyd ibn Cədandan, o da əl-Həsəndən rəvayət etmişdir ki, Suraqa ibn Malik əl-Mudləci (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Bədr və Uhud döyüşlərində qalib gəldikdə və bu ətrafda olanlar İslamı qəbul etdikdə Peyğəmbərin ﷺ mənim qövmüm olan Mudləc qəbiləsinin üzərinə Xalid ibn əl-Validi göndərmək istədiyini eşitdim. Mən Peyğəmbərin ﷺ yanına gedərək “Sənə Allahın nemətini xatırladaraq müraciət edirəm” dedim. Ətrafda olanlar mənə “Sus!” dedilər. Peyğəmbər ﷺ “Buraxın onu! Nə istəyirsən?” deyə soruşdu. Mən “Qövmümün üzərinə əsgər göndərmək istədiyini eşitdim. Mən onlarla saziş bağlamağını istəyirəm. Əgər sənin qövmün (Qureyş) İslamı qəbul etsə, onlar da İslama girərlər. Əgər sənin qövmün İslamı qəbul etməsə, qoy qövmünün ürəyi onlara qarşı sərt olmasın deyə mənim qövmüm də İslamı qəbul etməsin”. Peyğəmbər ﷺ Xalid ibn əl-Validin əlindən tutaraq “Onunla get və istədiyini et!” buyurdu. Xalid onlarla (Suraqanın qəbiləsi ilə) Peyğəmbərə ﷺ qarşı başqalarına kömək etməmələri və Qureyş İslamı qəbul etsə, onlarla birlikdə İslamı qəbul etmələri şərtilə sülh müqaviləsi bağladı. Uca Allah da “Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə, onlardan heç birini özünüzə dost tutmayın” ayəsini nazil etdi”. (İbn Əbu Hatim, 5750. Ali Nasr və əl-Hilali hədisin zəif olduğunu demişlər). Bu hədisi İbn Mərdəveyh rəvayət etmişdir. Onun rəvayətinə görə, “Uca Allah “Ancaq sizinlə aralarında müqavilə olan bir camaata sığınanlar, yaxud sizinlə və ya öz camaatı ilə vuruşmaqdan köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır” ayəsini nazil etdi və onlara sığınanlar onlarla birlikdə bu razılaşmaya daxil olurdu”. (əs-Suyuti (2/191) hədisi həmçinin, İbn Əbu Şeybəyə və Əbu Nueymin “əd-Dələil” əsərinə nisbət etmişdir. İbn Əbu Hatimin isnadı əl-Həsənə kimi səhihdir. Lakin əl-Həsənin Suraqa ibn Malikdən (Allah ondan razı olsun) hədis eşitməsində ixtilaf var. (Əhməd Şakir). Bu, hədisin məzmununa daha uyğundur. əl-Buxarinin “Səhih” əsərində Hudeybiyyə sülhünün bağlanması barədə gələn hədisdə belə deyilir: “Bu müqavilədən sonra istəyən Qureyş ilə bağlanan əhdə və sazişə qoşulur, istəyən isə Muhamməd ﷺ və səhabələri ilə bağlanan əhdə və sazişə qoşulurdu”.
Uca Allah buyurur: “yaxud sizinlə və ya öz camaatı ilə vuruşmaqdan köksləri sıxılaraq döyüşə qatılan kimsələr istisnadır”. Bunlar daha əvvəl zikr edilən və Uca Allahın onlara qarşı döyüşməyi əmr etdiyi insanlardan istisna edilən başqa bir qrupdur. Bunlar, köksləri sıxılaraq döyüşə gələn kəslərdir. Yəni onlar sizə qarşı vuruşmaq istəmirlər, eyni zamanda sizinlə birlikdə qövmlərinə qarşı vuruşmaq da onlara asan deyil. Onlar nə sizin lehinizə, nə də əleyhinizə vuruşmaq istəməyən kəslərdir. “Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar”, yəni onların sizə qarşı vuruşmamaları Allahın sizə olan lütfüdür. “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vuruşmanıza yol verməz”, yəni onlar bu halda olduqları müddətcə sizin onlarla döyüşməyə haqqınız yoxdur. Bu qrup insanlar Bədr döyüşü günü müşriklərlə birlikdə Bənu Haşim qəbiləsi ilə gələn və istəməyə-istəməyə döyüşdə iştirak edən Abbas və onun kimilərdir. Bu səbəbdən Peyğəmbər ﷺ Abbasın (Allah ondan razı olsun) öldürülməsini qadağan etdi və əsir alınmasını əmr etdi.
Uca Allah buyurur: “Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda bütünlüklə ona dalarlar”. Bu qrup insanlar zahiri görünüş etibarilə əvvəl keçənlər kimidirlər, lakin bunların niyyətləri əvvəlkilərdən fərqlidir. Çünki bunlar münafiqlərdir. Onlar canlarının, mallarının və zürriyyətlərinin təhlükəsizliyini təmin etmək üçün özlərini Peyğəmbərə ﷺ və onun səhabələrinə müsəlman kimi göstərirdilər. Bununla yanaşı, onlar gizlincə kafirlərin rəğbətini qazanmağa çalışır və onların yanında təhlükəsizlikdə olmaq üçün onların ibadət etdikləri bütlərə ibadət edirdilər. Onlar qəlbən kafirlərlə birlikdə idilər. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Onlar möminlərlə rastlaşdıqda “Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” deyirlər” (“əl-Bəqərə”, 14). Bu ayədə isə buyurur: “Onlar hər dəfə fitnəyə qaytarıldıqda bütünlüklə ona dalarlar”, yəni bütünlüklə ona qapılarlar. əs-Suddi demişdir: “Burada fitnə şirkdir”. İbn Cərir Mucahiddən nəql etmişdir ki, bu ayə Məkkə əhlindən bir qrup insan barədə nazil olmuşdur. Onlar Peyğəmbərin ﷺ yanına gəlib riyakarlıq məqsədilə İslamı qəbul edərdilər. Qureyşlilərin yanına qayıtdıqda isə bütlərin qarşısında baş əyərdilər. Belə etməklə onlar həm burada, həm orada təhlükəsizlik içində olmaq istəyirdilər. Uca Allah da möminlərə əmr etdi ki, onlar möminlərin cərgələrini tərk edib (digər müşriklər kimi) möminlərlə sülh müqaviləsi bağlamayana qədər onlarla döyüşsünlər. Bu səbəbdən Uca Allah buyurur: “Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr”, yəni sizinlə döyüşdən əl çəkməsələr, “onlara harada rast gəlsəniz”, yəni onlarla harada qarşılaşsanız, “tutub öldürün. Biz onlara qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik”.
 
ən-Nisa, 92-93
وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَى أَهْلِهِ إِلَّا أَنْ يَصَّدَّقُوا فَإِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَإِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلَى أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا * وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
92. Heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səhvən bir mömini öldürərsə, onda mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Ölənin ailəsinin qanbahasını bağışlaması isə müstəsnadır. Əgər ölən adam mömin olduğu halda, sizə düşmən
 olan bir qövmdəndirsə, onda qatil mömin bir kölə azad etməlidir. Əgər ölən adam sizinlə aralarında müqavilə olan bir qövmdəndirsə, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunu etməyə imkanı olma yan kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
93. Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.
 
Uca Allah bu ayələrdə bir möminin başqa bir mömin qardaşını heç bir halda öldürməyə haqqı olmadığını xəbər verir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və mənim Allahın elçisi olmağıma şəhadət gətirən müsəlmanın qanı yalnız bu üç halda halaldır: cana-can müqabilində qisas alınarsa, zinakar evli kişi və ya qadın daşqalaq edilərsə və dinindən dönüb camaatdan uzaqlaşan mürtəd edam olunarsa”. (əl-Buxari, 6370, 6878; Muslim, 3175, 4468). Həmçinin hədisdə qeyd olunan bu üç haldan biri baş verərsə, bunu icra etməyə adi insanlardan heç kimin hüququ çatmır. Bu hüquqa ancaq dövlət başçısı və ya onun təyin etdiyi məsul şəxs (aidiyyəti üzrə dövlət orqanı) sahibdir.
Uca Allahın “Bunun səhvən baş verməsi isə müstəsnadır” cümləsi istisna cümləsidir. Alimlər bu ayənin nazilolma səbəbində ixtilaf etmişlər. Mucahid və bir çoxları demişlər: “Bu ayə Əbu Cəhlin anabir qardaşı Ayyəş ibn Əbu Rabiə barədə nazil olmuşdur. Anaları Əsmə bint Muxarrabədir. Ayyəş müsəlman olduğuna görə qardaşı Əbu Cəhl ilə əl-Həris ibn Yəzid əl-Amiri adlı bir kişi ona işgəncə verərdilər. Bu səbəbdən Ayyəş əl-Həris ibn Yəzidi öldürmüşdü. Çünki ona verdiyi işgəncələrdən dolayı Ayyəş əl-Hərisə kin bəsləyirdi. Lakin əl-Həris sonradan müsəlman olmuş və hicrət etmişdi. Ayyəşin isə bundan xəbəri yox idi. Məkkənin fəthi günü Ayyəş onu gördükdə hələ köhnə dinində (müşrik) olduğunu sanaraq ona hücum etdi və onu öldürdü. Uca Allah da bu ayəni nazil etdi”. (ət-Tabəri, 9/33).
Uca Allah buyurur: “Kim səhvən bir mömini öldürərsə, onda mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir”. Səhvən bir mömini öldürənə bu iki şeyi etmək vacibdir. Birinci əməl: səhvən olsa belə, etdiyi böyük günaha görə kəffarə verməsidir. Bu kəffarənin şərti isə mömin bir köləni azad etməkdir. Kafir bir kölə azad etmək sayılmır. İbn Cərir nəql etmişdir ki, İbn Abbas, əş-Şabi, İbrahim ən-Nəxai və əl-Həsən əl-Bəsri demişlər: “Yaşı az olan kölə iman gətirməyi niyyət etməyənə qədər azad edilməsi sayılmır”. İbn Cəririn seçdiyi rəyə görə isə əgər azyaşlı kölə dünyaya gələrkən valideynləri müsəlman olmuşlarsa, bu köləni kəffarə olaraq azad etmək olar, əks halda isə olmaz. Əksər alimlərin rəyinə görə isə kiçik və ya böyük olmasından asılı olmayaraq hər hansı bir müsəlman kölənin azad edilməsi kəffarə üçün yetərlidir.
İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə ənsarlardan olan bir kişi zənci bir qadın köləni Peyğəmbərin ﷺ yanına gətirərək dedi: “Ey Allahın Elçisi, mənim üzərimdə bir mömin köləni azad etmək kəffarəsi var. Əgər bu kölənin mömin olduğunu sanırsansa, onu azad edim”. Peyğəmbər ﷺ kölədən “Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şahidlik edirsənmi?” deyə soruşdu. Qadın “Bəli” dedi. Peyğəmbər ﷺ “Mənim Allahın elçisi olduğuma şahidlik edirsənmi?” deyə soruşdu. Qadın “Bəli” deyə cavab verdi. Peyğəmbər ﷺ “Öldükdən sonra diriləcəyinə inanırsanmı?” deyə soruşdu. Qadın yenə “Bəli” dedi. Peyğəmbər ﷺ “Onu azad et!” buyurdu”. Bu hədisin isnadı səhihdir. Səhabənin məlum olmaması hədisin mötəbərliyinə təsir etmir. (“əl-Musnəd” (15808); İbn Xuzeymə “ət-Tövhid” kitabı (səh. 82). Hədis səhih və isnadı bitişikdir. Hədisi əl-Heysəmi “əz-Zəvaid” əsərində qeyd etmiş və demişdir: “Əhməd rəvayət etmişdir, hədisin raviləri “Səhih” əsərində istinad edilən ravilərdir”. Həmçinin Malik “əl-Muvatta” əsərində (səh. 777) mursəl olaraq rəvayət etmişdir, lakin Əhməd və İbn Xuzeymənin rəvayətləri bitişikdir. Mənaca yaxın olan hədis, “əl-Musnəd” əsərində (7893) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir. Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 15781, 15835. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3161).
İmam Malikin “Muvatta”, əş-Şafii və Əhmədin “əl-Musnəd”, Muslimin “Səhih”, Əbu Davud və ən-Nəsəinin isə “Sunən” əsərlərində Muaviyə ibn əl-Həkəmdən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə o bu zənci köləni gətirdikdə Peyğəmbər ﷺ ondan “Allah haradadır?” deyə soruşdu. Kölə “Göydə” deyə cavab vedi. Peyğəmbər ﷺ “Mən kiməm?” soruşduqda qadın “Sən Allahın elçisisən” deyə cavab verdi. Peyğəmbər ﷺ kişiyə “Onu azad et, o, həqiqətən, mömindir” buyurdu”. (Bu, Muslimin “Səhih” əsərində (1/151) rəvayət olunan uzun hədisin bir hissəsidir. əl-Hafiz İbn Kəsir burada ənsarlardan olan bir kişidən rəvayət olunan əvvəlki hədisin Muaviyə ibn əl-Həkəmin hədisi ilə eyni olduğunu bildirərək demişdir: “Muaviyə ibn əl-Həkəmdən rəvayət olunan hədisdə o, bu zənci köləni gətirdikdə, …”. Əslində isə bu səhvdir, çünki Muaviyə ibn əl-Həkəm əs-Suləmi Suleym qəbiləsindən idi. Suleym qəbiləsi isə yəqinliklə ənsarlardan sayılmır. Görünür, burada səhlənkarlığa yol verilmişdir. Doğru olan budur ki, hadisə iki dəfə baş vermişdir. (Əhməd Şakir). Muslim, 836, 1227).
Uca Allah buyurur: “...ölənin ailəsinə qanbahası verməlidir”. Qanbahası qatil ilə ölənin ailəsi arasında baş tutan ikinci vacib əməldir. Bu, ölənin ailə üzvlərinə yaxınlarını itirdiklərinə görə verilən bir qarşılıqdır. Qanbahası beş hissəyə bölünərək hissə-hissə ödənilməlidir. Necə ki İmam Əhməd və “Sunən” əsərlərinin sahibləri İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ səhvən baş vermiş ölümə görə qanbahasını iyirmi ədəd iki yaşına girmiş dişi dəvə, iyirmi ədəd iki yaşına girmiş erkək dəvə, iyirmi ədəd üç yaşına girmiş dişi dəvə, iyirmi ədəd dörd yaşını tamamlamış erkək dəvə və iyirmi ədəd dörd yaşına girmiş dişi dəvə müəyyən etmişdir. Hədisin mətni ən-Nəsəiyə aiddir. ət-Tirmizi demişdir: “Hədis Peyğəmbərə ﷺ yalnız bu şəkildə nisbət olunmuşdur. Həmçinin Abdullahın öz sözü olaraq da rəvayət edilmişdir”. (“əl-Musnəd” (3635, 4303); ən-Nəsəi (2/248); ət-Tirmizi (2/302-303). (Əhməd Şakir). Əhməd, 4303; İbn Məcə, 2631. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Qanbahasının dörd yerə bölünərək verilməsinin vacib olduğu da deyilmişdir.
Qanbahasını ödəmək yalnız qatilin öz üzərinə deyil, ata tərəfindən olan qohumlarının üzərinə də vacib olur. əş-Şafii demişdir: “Peyğəmbərin ﷺ qanbahasını qatilin ata tərəfindən olan qohumlarının üzərinə vacib etməsində alimlər arasında fikir ayrılığının olduğunu bilmirəm”. (əş-Şafii “əl-Umm” 6/115, 6/124; əl-Beyhəqi “Məarifətus-Sunən val-Əsər” 4943, 16270). İmam əş-Şafiinin işarə etdiyi bu xüsus bir çox hədislərdə gəlmişdir. Bu hədislərdən birini əl-Buxari və Muslim “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. Hədisdə Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Huzeyl qəbiləsindən olan iki qadın bir-biri ilə dalaşmışdı. Onlardan biri hamilə olan digər qadını daşla vurmuş və onu bətnindəki uşaqla birlikdə öldürmüşdü. Qadının qohumları mühakimə olunmaq üçün Peyğəmbərə ﷺ müraciət etdilər. Peyğəmbər ﷺ ölmüş uşağa görə qanbahası olaraq qarşı tərəfə bir kölə və ya bir kəniz verilməsini, ölən qadına görə qanbahasının verilməsini isə qatilin ata tərəfdən olan qohumlarının üzərinə vacib olmasını hökm verdi”. (əl-Buxari, 6399, 6910). Bu hədisə əsasən qanbahasının vacib olması məsələsində qəsdə oxşar qətl ilə (Qətl üç növdür: qəsdən, qəsdə oxşar və səhvən. Qəsdən öldürmək həddi-büluğa çatmış insanın, qanı halal olmayan başqa bir insanı, öldürücü olduğu daha çox ehtimal edilən alətlə qəsdən qətlə yetirməsidir. Qəsdə oxşar qətl, adətən, öldürücü olmayan bir alət ilə (kiçik daş, taxta parçası və ya yumruqla) vurub başqasını qətlə yetirməkdir. Səhvən öldürmək həddi büluğa çatmış insanın mübah sayılan bir işlə məşğul olduğu halda (məsələn, ov ovlayarkən, maşın idarə edərkən və s. hallarda) başqasını qətlə yetirməsidir). səhvən baş verən qətlin hökmü eynidir. Lakin bu növ (qəsdə oxşar) qətldə qanbahası qəsdən öldürmədə olduğu kimi üç hissəyə bölünərək ölənin ailəsinə verilir. əl-Buxarinin “Səhih” əsərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ Xalid ibn Vəlidi Bənu Cəzimə qəbiləsinin üstünə göndərib onları İslama dəvət etdi. Onlar “Müsəlman olduq!” deməyi bacarmadılar, (əvəzində) “Döndük, döndük! (Bunu deməklə onlar müsəlman olduqlarını bildirmişdilər. Belə ki, o vaxt müşriklər dədə-babalarının dinindən dönüb Peyğəmbərə ﷺ qoşulanlara “sabii” (dininə dönük çıxmış adam) deyirdilər. Bu hədisdə də İslam dinini qəbul etmək istəyən müşriklər öz terminlərinə uyğun olaraq “Sabə'nə, sabə'nə”, yəni “Dinimizi tərk edib müsəlman olduq” dedilər).” dedilər. Onda Xalid onların (bir çoxunu) öldürdü. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda o, əllərini göyə qaldırıb “Allahım, həqiqətən də, mən Xalidin etdiyi əməldən uzağam!” dedi. Sonra Peyğəmbər ﷺ Əlini göndərərək ölənlərə görə qanbahası, tələf olmuş mallara (hətta itə yemək verilən qablara) görə isə fidyə verməyi əmr etdi”. (İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisi əl-Buxari iki yerdə (8/45-46, 13/158 Fəthul-Bari), Əhməd (6382), ən-Nəsəi (2/308) gətirmişlər, lakin “Sonra Peyğəmbər ﷺ Əlini göndərərək...” hissəsi İbn Ömərdən (Allah ondan razı olsun) gələn rəvayətlərin heç birində yoxdur. Bu hissə İbn İshaqın “Sira” əsərində məşhur tabiin Əbu Cəfər əl-Baqirdən nəql etdiyi rəvayətdədir. İbn Kəsir səhvən bu hissəni İbn Ömərin (Allah ondan razı olsun) hədisinə əlavə etmişdir. (Əhməd Şakir). əl-Buxari, 3994, 4339, 6652, 7189). Bu hədis dəlalət edir ki, dövlət başçısının və ya onun vəkilinin etdiyi səhvlər beytul-maldan (dövlət xəzinəsindən) ödənilir.
Uca Allah buyurur: “Ölənin ailəsinin qanbahasını bağışlaması isə müstəsnadır”, yəni qanbahasını ölənin ailəsinə vermək vacibdir. Lakin əgər ölənin ailəsi bunu bağışlayarsa, qanbahasını vermək vacib deyil.
Uca Allah buyurur: “Əgər ölən adam mömin olduğu halda, sizə düşmən olan bir qövmdəndirsə, onda qatil mömin bir kölə azad etməlidir”, yəni ölən mömin olarsa, lakin ailəsi düşmən kafirlərdən olarsa, onlara qanbahası verilmir. Bu halda qatilin üzərinə yalnız mömin bir köləni azad etməkdən başqa heç nə düşmür.
Uca Allah buyurur: “Əgər ölən adam sizinlə aralarında müqavilə olan bir qövmdəndirsə, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir”, yəni əgər ölənin ailəsi zimmi və ya möminlərlə aralarında razılaşma olan kafirlərdən olarsa, bu halda ölənin ailəsinin ölən üçün qanbahası almağa haqqı çatır. Əgər ölən mömin olarsa, qanbahası tam olaraq verilməlidir. Bəzi alimlərin rəyinə görə, ölən kafir olsa da, hökm eynidir. Bəzi alimlərə görə isə ölən kafir olduğu halda, müsəlmana ödənilən qanbahasının yarısı, bəzilərinə görə isə üçdə biri verilməlidir. Həmçinin belə vəziyyətdə qatilə mömin bir kölə azad etmək də vacibdir.
Uca Allah buyurur: “Bunu etməyə imkanı olmayan kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır”, yəni (kölə azad etməyə imkanı olmayan kəs) fasilə vermədən iki ay ardıcıl oruc tutmalıdır. Əgər xəstəlik, heyz və ya nifas kimi üzrlü səbəb olmadan orucunu açarsa, yenidən başlamalıdır. Üzərində iki ay ardıcıl oruc tutmaq kəffarəsi olan insanın səfərdə olarkən orucunu açıb-açmayacağı barədə iki rəy var. (Bu məsələdə üstün rəy üzərində iki ay kəffarə orucu olan şəxs şəriətin orucu pozmaq üçün üzr saydığı hallarda orucunu açdıqda, yenidən başlamamasıdır. Üzr aradan qalxdıqdan sonra orucunu davam edir. Səfərdə orucu açmaq da şəriət tərəfindən icazəli sayılan hallardan biridir, lakin bir şərtlə ki, orucu açmaq məqsədilə səfər etmiş olmasın).
Uca Allah buyurur: “Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah hər şeyi biləndir, hikmət sahibidir”, yəni bu, səhvən mömini öldürənin tövbəsidir. Azad etmək üçün kölə tapa bilməsə, iki ay ardıcıl oruc tutmalıdır. Alimlər oruc tutmağa gücü çatmayan kəs barədə ixtilaf etmişlər. Bu şəxs zihar kəffarəsində (Zihar – bir kişinin arvadına “sən mənim üçün anam kimisən” sözlərini deməklə onu özünə haram etməsidir. Cahiliyyət dövründə bu sözü deyənə arvadı artıq haram sayılırdı. Uca Allah Quranda bu əməli qadağan etmiş və belə edənlərin zövcələri ilə yaxınlıq edə bilməsi üçün kəffarə müəyyən etmişdir. Uca Allah buyurur: “Qadınlarını anaya bənzədib onları özlərinə haram edən, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. Buna imkan tapa bilməyən kəs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın qoyduğu hüdudlardır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir” (“əl-Mucadilə”, 3-4). olduğu kimi, altmış yoxsulu yedirtməlidirmi? Bu məsələdə iki rəy var və bu rəylərdən birinə görə, zihar kəffarəsində olduğu kimi, altmış yoxsulu yedirtməlidir, lakin burada bu, açıq bildirilməmişdir. Çünki bu məqam təhdidetmə və qorxutma məqamıdır. Altmış yoxsulu yedirtmək isə bir növ asanlıq və rüsxət olduğu üçün burada qeyd edilməsi münasib deyil. İkinci rəyə görə isə oruc tutmağa gücü çatmayan altmış kasıbı yedirtmir, çünki əgər bu, vacib olsaydı, ayədə bəyan edilərdi.
Uca Allah səhvən baş verən qətlin hökmünü bəyan etdikdən sonra qəsdən baş verən qətlin hökmünü bəyan edərək “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” buyurur. Bu böyük günahı edən üçün bu ayə şiddətli təhdid və qüvvətli qorxutmadır. Allahın Kitabında bir çox ayələrdə bu günah Allaha şərik qoşmaq ilə birlikdə zikr edilmişdir. Uca Allah “əl-Furqan” surəsində buyurur: “Onlar Allahla yanaşı, başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar” (“əl-Furqan”, 68). Başqa bir ayədə isə buyurur: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Şəriətin icazə verdiyi hallar (cana-can, evli zinakar kimi) istisna olmaqla, Allahın öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, anlayasınız” (“əl-Ənam”, 151).
İnsan öldürməyin haram olmasına dair hədislər olduqca çoxdur. Bunlardan biri əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bu hədisdir: “Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü insanlar arasında ilk olaraq qan davalarına görə hökm veriləcək”. (əl-Buxari, 6052, 6533; Muslim, 1678).
Əbu Davudun Ubədə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Mömin haram olan bir qanı tökmədiyi müddətdə Allaha itaətdə sürətlə irəliləyən əməlisaleh insan olar. Haram olan qanı tökdükdə isə yorular və geriləyər”. (Əbu Davud (4270) Ummu əd-Dərdədən və Ubədə ibn əs-Samitdən (Allah onlardan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Əbu Davud, 4270, 4272. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7693). Başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Allah qatında dünyanın yox olması bir müsəlmanın öldürülməsindən daha yüngüldür”. (ət-Tirmizi (2/306); ən-Nəsəi (2/163) Abdullah ibn Amrdan, İbn Məcə (2619) isə əl-Bəra ibn əl-Azibdən rəvayət etmişlər. Oxşar hədisi ən-Nəsəi (2/163) Bureydədən (Allah onlardan razı olsun) də rəvayət etmişdir. İsnadı səhihdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 3922, 3987, 4004; ət-Tirmizi, 1395, 1455. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2439). Bu səbəbdən İbn Abbas (Allah ondan razı olsun) qəsdən bir mömini öldürənin tövbəsinin qəbul olmadığını deyirdi. əl-Buxari rəvayət edir ki, Səid ibn Cubeyr demişdir: “Bir dəfə Kufə camaatı bir ayə (“ən-Nisa”, 93) barədə ixtilaf etdilər. Mən İbn Abbasın yanına gedərək ondan bu ayə barəsində soruşdum. O dedi: “Bu ayə – “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar” – Quranda nazil olan son ayədir və bu ayənin hökmünü heç bir şey ləğv etməmişdir”. Həmçinin hədisi Muslim, ən-Nəsəi və Əbu Davud rəvayət etmişlər. (əl-Buxari (8/193-194 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 4224, 4590; Muslim, 5345, 7726).
İbn Cərir Səlim ibn Əbul-Cəddən rəvayət etmişdir ki, gözləri tutulduqdan sonra İbn Abbasın (Allah ondan razı olsun) yanındaydım. Bir kişi onun yanına gələrək səsləndi: “Ey Abdullah ibn Abbas, bir mömini qəsdən öldürən adam barədə nə deyərsən?” İbn Abbas (Allah ondan razı olsun) ona Uca Allahın “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” ayəsini oxuyaraq cavab verdi. Kişi dedi: “Əgər tövbə edib, saleh əməllər görərsə, sonra Allahın doğru yolunu tutarsa, onda necə?” İbn Abbas (Allah ondan razı olsun) belə dedi: “Anası vayına otursun! Bu tövbənin və hidayətin ona nə faydası? Canım əlində olan Allaha and olsun ki, Peyğəmbərimizin ﷺ belə dediyini eşitmişəm: “Bir mömini qəsdən öldürənin anası vayına otursun! Öldürülən mömin Qiyamət günü Mərhəmətli Allahın Ərşi qarşısında sağ və ya sol əli ilə qan axan boyun damarlarını, digər əli ilə isə qatilinin yaxasından tutaraq gələcək və belə deyəcək: “Ey Rəbbim, bundan soruş ki, məni niyə öldürdü?” Abdullahın canı əlində olan Allaha and olsun ki, bu ayə nazil olmuş və Peyğəmbərimiz ﷺ vəfat edənə qədər bu ayənin hökmünü heç bir ayə ləğv etməmişdir. Bu ayədən sonra bu mövzuda başqa bir dəlil nazil olmamışdır”. Həmçinin hədisi İmam Əhməd, ən-Nəsəi və İbn Məcə də rəvayət etmişlər. (ət-Tabəri (10188, 10189, 10191); “əl-Musnəd” 1941, 2142, 2683). Hədisin isnadları səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 10188, 10251; Əhməd, 2683; ən-Nəsəi “Sunən” 4783, 4866. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir). Bu hədis İbn Abbasdan (Allah ondan razı olsun) müxtəlif yollarla rəvayət edilmişdir.
İbn Əbu Hatim nəql etmişdir ki, sələflərdən Zeyd ibn Sabit, Əbu Hureyra, Abdullah ibn Ömər, Əbu Sələmə ibn Abdur-Rahmən, Ubeyd ibn Umeyr, əl-Həsən, Qatədə və əd-Dahhək (Allah onlardan razı olsun) qəsdən adam öldürənin tövbəsinin qəbul olmaması qənaətində olmuşlar.
Bu mövzuda bir çox hədislər varid olmuşdur. Bu hədislərdən biri də İbn Mərdəveyhin Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Öldürülən Qiyamət günü bir əli ilə qatilindən yapışmış, digər əli ilə öz başını tutmuş halda Allahın hüzuruna gələcək və “Ey Rəbbim, bundan soruş ki, məni nə üçün öldürdü?” deyəcək. Uca Allah bunu soruşduqda qatil deyəcək: “Ey Rəbbim, izzət Sənin olsun deyə onu öldürdüm”. Uca Allah buyuracaq: “Həqiqətən, izzət Mənə məxsusdur”. Başqa bir öldürülmüş insan qatilindən yapışaraq Allahın hüzuruna gələcək və ”Ey Rəbbim, bundan soruş ki, məni nə üçün öldürdü?” deyəcək. Uca Allah bunu soruşduqda qatil deyəcək: “İzzət filankəsə məxsus olsun deyə öldürdüm”. Uca Allah “İzzət onun deyil. Öldürülənin günahlarını ona yükləyin!” buyurar və o, yetmiş illik məsafə dərinliyində başıaşağı Cəhənnəmə yuvarlanar”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (ən-Nəsəi (2/164). İsnadı səhihdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 3932, 3997, 4011; “Sunənul-Kubra” 3460. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8029; Silsilə əs-Səhihə, 2698).
İmam Əhməd Muaviyədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kafir olaraq ölən və bir mömini qəsdən öldürəndən başqa hər bir günah sahibinin Allah tərəfindən bağışlanacağı ümid edilir”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (“ən-Nisa” surəsinin 47-48-ci ayələrinin təfsirində keçdi. (Əhməd Şakir). Əhməd, 16953, 17031; ən-Nəsəi “Sunən” 3919, 3984, 4001. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2445).
İmam Əhməd Uqbə ibn Malik əl-Leysinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ döyüşə bir dəstə göndərdi. Bu dəstə bir qövmə hücum edəndə həmin qövmdən bir kişi qaçmağa başladı. Peyğəmbərin ﷺ göndərdiyi dəstədən bir kişi qılıncını sıyırıb onun arxasınca düşdü. Qövmün içindən qaçan kişi “Mən müsəlmanam” dedi, lakin onu təqib edən kişi buna məhəl qoymayaraq onu vurdu və öldürdü. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda o bu barədə çox ağır sözlər söylədi və Peyğəmbərin ﷺ dedikləri qatilə çatdı. Bir dəfə Peyğəmbər ﷺ moizə deyərkən qatil qalxıb “Allaha and olsun ki, o, yalnız öldürülməkdən xilas olmaq üçün belə deyirdi” dedi. Peyğəmbər ﷺ ondan və onun tərəfində olan insanlardan üz çevirərək moizəyə davam etdi. Qatil bir daha “Ey Allahın Elçisi, yalnız öldürülməkdən xilas olmaq üçün belə deyirdi” dedi. Peyğəmbər ﷺ yenə ondan və onun tərəfindəki insanlardan üzünü çevirərək moizəsinə davam etdi. Kişi səbir edə bilməyərək üçüncü dəfə “Ey Allahın Elçisi, Allaha and olsun ki, o, bunları yalnız öldürülməkdən xilas olmaq üçün deyirdi” dedi. Peyğəmbər ﷺ üzündə narazılıq ifadəsi ilə ona tərəf dönərək üç dəfə “Həqiqətən Allah mömini bilərəkdən öldürəndən üz çevirmişdir” dedi”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (“əl-Musnəd” (5/288-289 Hələbi nəşri). əl-Heysəmi hədisi “əz-Zəvaid” (1/26-27) əsərində qeyd etmiş və demişdir: “Hədisi ət-Tabərani “əl-Kəbir” əsərində Əhməd və Əbu Yalə rəvayət etmişlər. Hədisin bütün raviləri mötəbərdir”. İbn Kəsir hədisi ən-Nəsəiyə nisbət etməklə “əs-Sunən əl-Kubra” əsərini nəzərdə tutmuşdur, çünki hədis “əs-Sunən əs-Suğra” əsərində yoxdur. (Əhməd Şakir). Əhməd, 22490, 22543, 22857; İbn Hibban, 5972; əl-Hakim, 47. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 689; Səhih əl-Cami, 23).
Lakin sələf (keçmiş) və xələf (onlardan sonra gələn) alimlərin əksəriyyətinin rəyinə görə, qatilin özü ilə Rəbbi arasındakı tövbəsi məqbuldur. Əgər qatil tövbə edib günahından dönər və Allahın əmrlərinə boyun əyib yaxşı işlər görərsə, Allah onun pis əməllərini yaxşı əməllərlə əvəz edər, öldürülənə edilmiş zülmü Özü qarşılayar və ona istədiyini verməklə razı salar.
Uca Allah buyurur: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (“əl-Furqan”, 68-70). Bu ayənin hökmünü ləğv edib yalnız müşriklərə aid etmək olmaz. Bu ayəni möminlərə aid etmək isə ayənin zahirinə ziddir və dəlilə ehtiyacı var. Ən doğrusunu isə Allah bilir.
Uca Allah başqa bir ayədə buyurur: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (“əz-Zumər”, 53). Bu ayə ümumi olub küfr, şirk, şəkk, nifaq, qətl və s. bu kimi bütün günahları əhatə edir. Kim hər hansı bir günahdan tövbə edərsə, Uca Allah onun tövbəsini qəbul edər.
Başqa bir ayədə isə buyurur: “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar” (“ən-Nisa”, 48). Bu ayə isə Allaha şərik qoşmaqdan aşağı olan bütün günahları əhatə edir. “ən-Nisa” surəsində bu mənada ayələr Allaha ümidi artırmaq üçün həm bu ayədən əvvəl, həm də sonra zikr edilmişdir. Ən doğrusunu Allah bilir.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən, İsrail oğullarına aid bir xəbərə görə bir kişi yüz adamı öldürmüş və sonra bir alimin yanına gəlib “Tövbə etsəm, tövbəm qəbul olarmı?” deyə soruşur. Alim “Sənin tövbənin qəbul olunmasına kim mane ola bilər?” deyə cavab verərək ona Allaha ibadət edilən bir ölkəyə getməsini məsləhət görür. Kişi də oraya doğru yola çıxır. Yolda ölüm onu haqladı və sonda rəhmət mələkləri onun canını aldı (bağışlandı). (əl-Buxari, 3211, 3283, 3470; Muslim, 4967-4968, 7184-7185). Əgər İsrail oğullarında qatilin tövbəsi qəbul idisə, o halda bu ümmətdə qatilin tövbəsi qəbul olunmağa daha haqlı və daha çox layiqdir. Çünki Uca Allah İsrail oğullarının üzərinə qoyulmuş yükləri və çətinlikləri bizim ümmətin üzərindən qaldırmış və Peyğəmbərimizi ﷺ hənif (batildən haqqa yönəlib Tək Allaha ibadət etməyi əmr edən) və asan olan bir dinlə göndərmişdir.
Uca Allahın “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar” ayəsinə gəlincə, Əbu Hureyra (Allah ondan razı olsun) və bir çox sələflərin dediyinə görə, ayənin mənası “Əgər Allah qatili cəzalandırmış olsaydı, cəzası bu olardı” deməkdir. Bu şərhi İbn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ sözü olaraq rəvayət etmişdir. Lakin Peyğəmbərə ﷺ nisbət olunması səhih deyil. Bu cümlənin mənası budur ki: “Əgər qatil cəzalandırılacaq olsaydı, cəzası bu olardı”. Böyük günah sahiblərinin cəzası barədə gələn təhdidlər də bu mənadadır. Yaxşı və pis əməllərin tərəzidə çəkilərək çoxluq təşkil edənin azı silib apardığını və ya azaltdığını, deyənlərə görə, qatilin bu cəzaya layiq olmasına onun etdiyi yaxşı əməlləri mane ola bilər. (Quran və hədislərdə) təhdid mənasında gələn dəlillər barədə deyiləcək sözlərin ən gözəli də budur. Ən doğrusunu isə Uca Allah bilir.
Qatilin Cəhənnəmə girəcəyini fərz etsək belə, o, orada əbədi qalmayacaq. İstər İbn Abbas (Allah ondan razı olsun) və onun fikrində olanların dediyi kimi, qatilin tövbəsinin qəbul olmaması səbəbindən Cəhənnəmə düşmüş olsun, istərsə də əksər alimlərin dediyi kimi, onu Cəhənnəmdən qurtaracaq yaxşı əməlləri olmaması səbəbindən düşmüş olsun. Hər iki ehtimala görə qatil orada əbədi qalmayacaq. Ayədəki “əbədi” sözü uzun müddət qalmaq mənasındadır, çünki Peyğəmbərdən ﷺ varid olan bir çox hədislərdə bildirilir ki, qəlbində zərrə qədər imanı olan kəslər mütləq Cəhənnəmdən çıxacaqlar.
Muaviyənin (Allah ondan razı olsun) “Kafir olaraq ölən və bir mömini qəsdən öldürəndən başqa hər bir günah sahibinin Allah tərəfindən bağışlanacağı ümid edilir” hədisinə gəlincə burada işlənən عَسَى [asə] sözü “ümid olunur” mənasındadır. Qeyd etdiyimiz dəlillərə əsasən, Allahın hədisdə qeyd olunan iki haldan (kafir kimi ölmək və qəsdən bir mömini öldürmək) birini bağışlaması mümkündür. Bu hal qəsdən bir mömini öldürməkdir. Kafir olaraq ölənin isə qətiliklə bağışlanmayacağına dair açıq dəlillər var. Öldürülən adamın Qiyamət günü qatildən haqqını istəməsinə gəlincə, bu, Adəm övladlarının haqqıdır və zalımın tövbə etməsi ilə bu haqq onun üzərindən düşmür. Bu məsələdə öldürülən adamla malı oğurlanmış, malı əlindən zorla alınmış, böhtana məruz qalmış və s. digər insan haqları arasında heç bir fərq yoxdur və bu haqlar zalımın tövbə etməsi ilə onun üzərindən düşmür. Əksinə, tövbənin düzgün olması üçün bu haqlar sahiblərinə mütləq qaytarılmalıdır, qaytarmaq mümkün olmadıqda isə bu haqlar Qiyamət günü zalımdan tələb olunacaq. Lakin öldürülənin Qiyamət günü öz haqqını tələb etməsi o demək deyil ki, qatil mütləq cəzalandırılacaq. Ola bilsin qatilin yaxşı əməlləri olsun və bu əməllərin savablarından bir qisimini və ya hamısını öldürülənə versin. Sonra Allah lütf olaraq ona mükafat verər və o, Cənnətə girər. Yaxud Allah öldürülən insana öldürüldüyünün əvəzi olaraq Cənnətdə qəsrlər, nemətlər verməklə, Cənnətdə dərəcəsini yüksəltməklə və buna bənzər şeylərlə Öz lütfündən istədiyini ona bağışlasın. Ən yaxşısını Allah bilir.
Həmçinin qəsdən törədilən qətlin dünyada və Axirətdə ayrı-ayrı hökmləri var. Dünyada öldürülənin varisinə qatilin üzərində ixtiyar verilmişdir. Uca Allah bu xüsusda buyurur: “Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik” (“əl-İsra”, 33). Yəni istəsə, qatili bağışlayar, istəsə, qisas tələb edər, istəsə də, qanbahası alar. Qəsdən törədilən qətldə qanbahası ağırlaşdırılmış olur və üç yerə bölünərək otuz ədəd dörd yaşına girmiş dişi dəvə, otuz ədəd dörd yaşını tamamlamış erkək dəvə və qırx ədəd boğaz (qarnında balası olan) dəvə verilir. Bu mövzu fiqh kitablarında daha ətraflı yer almışdır.
Alimlər qəsdən törədilən qətldə kölə azad etməyin və ya ardıcıl olaraq iki ay oruc tutmağın və yaxud altmış yoxsulu yedirtməyin vacib olub-olmaması məsələsində eynilə səhvən törədilən qətlin kəffarəsində olduğu kimi iki rəy irəli sürmüşlər. əş-Şafii və onun davamçılarından ibarət bir qrup alim kəffarənin vacib olduğunu demişlər. Çünki əgər səhvən törədilən qətldə kəffarə vacibdirsə, qəsdən törədilən qətldə bu, daha çox vacibdir. Buna əsasən, qəsdən yalan and içənə də kəffarənin vacib olduğunu demişlər. Həmçinin üzrsüz səbəbdən tərk edilən namazların qəza edilməsinin vacib olduğunu deməklə bu rəylərini daha da qüvvətləndirmişlər. Üzrlü səbəbdən buraxılan namazların qəza edilməsinin vacib olmasında isə alimlər arasında yekdil rəy var. İmam Əhmədin davamçıları və digər alimlər isə demişlər: “Qəsdən adam öldürmək kəffarəsi olan günahlardan daha böyükdür və buna görə kəffarə yoxdur. Həmçinin qəsdən yalan and içmək də belədir. Bu iki məsələ ilə üzrsüz səbəbdən tərk edilən namazların qəzasının qılınması məsələsini ayırmaq düzgün deyil. Onlar qəsdən tərk edilmiş olsa belə, namazların qəzasının qılınmasının vacib olduğunu deyirlər.
Qəsdən törədilən qətldə kəffarənin vacib olduğunu deyənlər, İmam Əhmədin Vasilə ibn əl-Əsqadan (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisə əsaslanmışlar. Vasilə ibn əl-Əsqa (Allah ondan razı olsun) demişdir: “Suleym qəbiləsindən bir neçə nəfər Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Bizim bir yoldaşımız (qətl törətməklə) Cəhənnəmə girməyi vacib edən bir əməl etmişdir”. Peyğəmbər ﷺ onlara dedi: “Bir kölə azad etsin. Uca Allah azad etdiyi kölənin hər bir əzasının qarşılığında onun bir əzasını Cəhənnəmdən qurtarar”. Hədisi Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər. (əl-Musnəd” (17052, 16077, 16079); Əbu Davud (2964). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 16053, 16108; Əbu Davud, 3966. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 907; Mişkətul-Məsabih, 3386).
 
ən-Nisa, 94
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
94. Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən şəxsə dünya həyatının fani mənfəətinə can ataraq  “Sən mömin deyilsən!” deməyin. Allah yanında çox qənimətlər vardır.  Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Elə isə kimə qarşı vuruşacağınızı müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
 
İmam Əhməd rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayənin nazilolma səbəbi barədə demişdir: “Suleym qəbiləsindən olan bir kişi qoyunlarını otararkən Peyğəmbərin ﷺ səhabələrindən ibarət olan bir dəstənin yanından keçdikdə onlara salam verdi. Onlar öz aralarında dedilər: “Bu kişi bizdən qorunmaq üçün bizə salam verdi”. Onlar kişiyə hücum edib onu öldürdülər və qoyunlarını götürüb Peyğəmbərin ﷺ yanına gətirdilər. Uca Allah da bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən şəxsə dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” deməyin”. Hədisi ət-Tirmizi rəvayət etmiş və “həsən” olduğunu bildirmişdir. Həmçinin əl-Hakim rəvayət etmiş və demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. İbn Cərir də eyni hədisi rəvayət etmişdir. (“əl-Musnəd” (2023, 2462, 2988); ət-Tirmizi (4/90); əl-Hakim (2/235); ət-Tabəri (10217); əl-Buxari (8/194 Fəthul-Bari). əl-Buxarinin rəvayəti müxtəsərdir. Bu rəvayətdə İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “dünya həyatının fani mənfəətinə can ataraq” sözünü şərh edərək burada əldə etdikləri qənimətin nəzərdə tutulduğunu bildirmişdir. Oxşar rəvayəti Səid ibn Mənsur İbn Abbasın (Allah ondan razı olsun) sözü olmadan rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 2023; əl-Buxari, 4225, 4591; ət-Tabəri, 10287; əl-Bəzzər, 4955. Şueyb əl-Arnavut hədisin həsən li-ğeyrihi olduğunu bildirmişdir).
İmam Əhməd rəvayət etmişdir ki, Abdullah ibn Əbu Hədrəd (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bizi İdəmə (Məkkədən 150 km uzaqlıqda yerləşən yer adıdır). göndərdi və biz bir dəstə müsəlmanla səfərə çıxdıq. Aramızda Əbu Qatədə əl-Haris ibn Ribi, Muhəllim ibn Cəssəmə ibn Qeys də var idi. İdəm vadisinə çatdıqda Amir ibn əl-Ədbət əl-Əşcəi dəvəsinin üstündə yanımızdan keçdi və bizə salam verdi. Onun əlində bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Muhəlləm ibn Cəssəmə əvvəl aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini və digər əşyalarını götürdü. Biz Peyğəmbərin ﷺ yanına gəldikdən sonra ona bu barədə xəbər verdik və bizim haqqımızda Uca Allahın bu ayəsi nazil oldu: “Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən şəxsə dünya həyatının fani mənfəətinə can ataraq “Sən mömin deyilsən!” deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Elə isə kimə qarşı vuruşacağınızı müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd, 23888, 24378; əl-Beyhəqi “Sunənul-Kubra” 18047, 18731; İbn Əbu Şeybə “Musannəf” 38168. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişlər).
İbn Cərir rəvayət etmişdir ki, İbn Ömər (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Muhəllim ibn Cəssəməni bir dəstəyə başçı təyin edərək döyüşə göndərmişdi. Yolda Amir ibn əl-Ədbət onlarla qarşılaşdı və onları İslam salamı ilə salamladı. Onların (Muhəllim ibn Cəssəmə ilə Amir) arasında cahiliyyə dövründən qalan bir kin var idi. Muhəllim ox ataraq onu öldürdü. Bu xəbər Peyğəmbərə ﷺ çatdı və Uyeynə ilə əl-Əqra bu mövzuda Peyğəmbərlə ﷺ danışdılar. əl-Əqra (Muhəllimi müdafiə edərək) “Ey Allahın Elçisi, bu gün nə hökm etsən, sabah insanlar onu götürəcəklər”. (Peyğəmbər ﷺ qatili bağışlayıb, qanbahası almağı təklif etdikdə) Uyeynə dedi: “Xeyr, Allaha and olsun ki, mənim qadınlarımın daddığı ağrını onun qadınları dadmayana qədər sakitləşmərəm”. Muhəllim əynində iki bürüncəklə Peyğəmbərin ﷺ hüzuruna gəldi və Allahdan ona bağışlanma diləməsi üçün qarşısında oturdu. Peyğəmbər ﷺ dedi: “Allah səni bağışlamasın!” Muhəllim gözyaşları bürüncəyinə tökülə-tökülə qalxıb getdi. Yeddi gündən sonra o öldü. Onu aparıb dəfn etdilər, lakin torpaq onu çölə atdı. Bu barədə Peyğəmbərə ﷺ xəbər verdikdə o “Həqiqətən, torpaq sizin yoldaşınızdan daha şər olan insanları qəbul edir, lakin Uca Allah bununla sizə öyüd vermək istəyir” dedi. Sonra onu aparıb bir dağ yamacına atdılar və üzərinə daşlar qoydular. Bu səbəbdən “Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq “Sən mömin deyilsən!” deməyin” ayəsi sonuna qədər nazil oldu”. (ət-Tabəri (10211). əs-Suyuti (2/200) hədisi müxtəsər olaraq qeyd etmiş və yalnız ət-Tabəriyə nisbət etmişdir. Lakin ət-Tabərinin rəvayət etdiyi isnadda zəiflik var, çünki ət-Tabərinin hədisi rəvayət etdiyi Sufyan ibn Vəkinin yaddaşının zəif olduğu, dəqiqliyinin olmadığı deyilmişdir. Lakin Abdullah ibn Əbu Hədradın hədisi səhihdir. Bu hədisin səhih olmasına başqa bir hədis şahidlik edir. əl-Heysəmi “əz-Zəvaid” əsərində (1/28) bu hadisəyə oxşar başqa bir hədisi Cundub ibn Buceylədən rəvayət etmişdir. Sufyan (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ yanında idim. Döyüşə yollanmış dəstədən bir nəfər müjdə gətirərək Allahın onlara zəfər nəsib etməsi ilə düşmən üzərində qələbə çaldıqlarını bildirdi. Sonra müjdə gətirən dedi: “Ey Allahın Elçisi, biz düşmənin üzərinə hücum edərkən Allah onları məğlub etdi və onlar qaçmağa başladılar. Mən qılıncla bir kişini məğlub etdim və o “Mən müsəlmanam, mən müsəlmanam” deyə-deyə qaçmağa başladı. Mən isə buna rəğmən onu öldürdüm. Ey Allahın Elçisi, o, öldürülməkdən qorxduğu üçün belə deyirdi”. Peyğəmbər ﷺ dedi: “Məgər sən onun qəlbini yarıb doğru və ya yalan söylədiyinə baxmışdın?” Kişi dedi: “Qəlbini yarsaydım belə, doğru və ya yalan dediyini bilməzdim. Qəlb bir parça ətdən ibarət deyilmi?” Peyğəmbər ﷺ dedi: “Nə onun qəlbindən keçəni bilmədin, nə də dediyini təsdiqləmədin”. Kişi dedi: “Ey Allahın Elçisi, mənim üçün Allahdan bağışlanma dilə!” Peyğəmbər ﷺ dedi: “Sənin üçün Allahdan bağışlanma diləməyəcəyəm”. Sonra kişi öldü və onu aparıb dəfn etdilər, lakin torpaq onun cəsədini çölə çıxartdı. Beləcə üç dəfə onu basdırdılar və hər dəfə torpaq onun cəsədini qəbul etmədi. Nəhayət, insanlar bunu gördükdə onun başına gələndən xəcalət çəkdilər və kişinin cəsədini bir dərəyə atdılar”. Sonra əl-Heysəmi demişdir: “Hədisi ət-Tabərani “əl-Kəbir” əsərində və Əbu Yəalə rəvayət etmişlər. Hədisin isnadında Abdul-Həmid ibn Bəhram və Şəhr ibn Həuşəb var. Onların mötəbər olub-olmamaları barədə fikir ayrılığı mövcuddur”. Mən (Əhməd Şakir) isə deyirəm: “Hər ikisi mötəbərdir”. Həmçinin əl-Heysəmi demişdir: “Hədis müxtəsər olaraq “Səhih” əsərindədir”. Belə deməklə o, Muslimin “Səhih” əsərində (1/39-40) Cundubdan rəvayət olunan hədisə işarə edir. Cundubun dediyinə görə, bu hadisə Usəmə ibn Zeydin (Allah onlardan razı olsun) başına gəlmişdir. Lakin bu rəvayətlərdə qatilin öldüyü bildirilməmişdir. İbn Ömər və Cundubdan (Allah onlardan razı olsun) rəvayət olunan, qatilin öldüyü və torpağın onu çölə atdığı qeyd olunan rəvayətin bənzərini İbn Məcə (3930) İmran ibn Husayndan iki səhih isnadla rəvayət etmişdir. Bu hədislər bir-birini gücləndirir. Həmçinin əvvəl keçən Uqbə ibn Malikin (Allah onlardan razı olsun) hədisi də bu hədisi gücləndirir. (Əhməd Şakir). ət-Tabəri, 10211, 10275. Ali Nasr və əl-Hilali hədisin zəif olduğunu bildirmişlər).
əl-Bəzzər rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə Peyğəmbər ﷺ döyüşə bir dəstə göndərdi. Miqdəd ibn əl-Əsvəd də bu dəstədə idi. Onlar düşmən qövmə çatdıqda onların oranı artıq tək edib getdiklərini gördülər. Yalnız yanında çoxlu malı olan bir kişi qalmışdı. Kişi “Allahdan başqa ibadətə layiq haqq ilahın olmadığına şahidlik edirəm” dedi. Buna baxmayaraq, Miqdəd onun üstünə gedib onu öldürdü. Yoldaşlarından biri Miqdədə dedi: “Allahdan başqa haqq ilahın olmadığına şahidlik edən bir adamı öldürdün? Allaha and olsun ki, bunu Peyğəmbərə ﷺ xəbər verəcəyəm”. Peyğəmbərin ﷺ yanına gəldikdə dedilər: “Ey Allahın Elçisi, bir kişi Allahdan başqa haqq ilahın olmadığına şahidlik etdiyi halda, Miqdəd onu öldürdü”. Peyğəmbər ﷺ dedi: “Miqdədi yanıma çağırın!” Miqdəd gəldikdə Peyğəmbər ﷺ dedi: “Ey Miqdəd, “Allahdan başqa haqq ilah yoxdur” deyən bir adamı öldürdün? Sabah (Qiyamət günü) o bu tövhid kəlməsi (Lə iləhə iləllah) ilə Allahın hüzuruna gəlsə, sənin halın necə olacaq?” Uca Allah da “Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən şəxsə dünya həyatının fani mənfəətinə can ataraq “Sən mömin deyilsən!” deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Elə isə kimə qarşı vuruşacağınızı müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır” ayəsini nazil etdi. Peyğəmbər ﷺ) Miqdədə dedi: “Öldürdüyün kişi mömin idi, kafir bir qövmün içində olduğu üçün imanını gizlədirdi. İmanını izhar etdikdə isə sən onu öldürdün. Bundan əvvəl Məkkədə sən də imanını beləcə gizlədirdin”. (Hədisi əl-Heysəmi “əz-Zəvaid” (7/8-9) əsərində qeyd etmiş və demişdir: “əl-Bəzzər rəvayət etmişdir, isnadı yaxşıdır”. Hədisin bir hissəsini əl-Buxari (12/168) müxtəsər olaraq “muəlləq” sənədlə rəvayət etmişdir. əl-Hafiz İbn Həcər demişdir: “əl-Buxarinin “muəlləq” isnadla rəvayət etdiyi bu hədisi əl-Bəzzər, əd-Dəraqutni və ət-Tabərani “əl-Kəbir” əsərində bitişik sənədlə rəvayət etmişlər”. (Əhməd Şakir). əl-Bəzzər, 2202, 5127; ət-Tabərani “Mucəmul-Kəbir” 12210, 12379. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4109).
Uca Allah buyurur: “Allah yanında çox qənimətlər vardır”, yəni Allah yanında olan qənimət sizin tamah saldığınız dünya həyatının mənfəətindən daha xeyirlidir. O mənfəət ki, sizə salam verən və imanını açıqlayan birini öldürməyə sövq etmişdir. Siz dünya həyatının mənfəətlərinə göz dikərək onun imanına məhəl qoymadınız, onu yaltaqlıqda və qorxduğu üçün özünü yalandan imanlı göstərməkdə ittiham etdiniz. Halbuki Allah qatındakı halal nemətlər sizin üçün bu maldan daha xeyirlidir.
Uca Allah buyurur: “Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi”, yəni siz də indiki bu halınızdan əvvəl imanını qövmündən gizlədən bu adam kimi idiniz. Necə ki Peyğəmbərdən ﷺ rəvayət olunan əvvəlki hədisdə bu qeyd edilmişdir. Uca Allah başqa bir ayədə buyurur: “Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə, şükür edəsiniz” (“əl-Ənfal”, 26). Bu təfsir Səid ibn Cubeyrin rəyidir. İbn Cərir də bu rəyi seçmişdir.
Uca Allahın “Elə isə kimə qarşı vuruşacağınızı müəyyən edin!” sözü bundan əvvəl keçən “Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun!” cümləsini qüvvətləndirmək məqsədi daşıyır. “Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”. Səid ibn Cubeyr demişdir: “Bu, bir təhdid və qorxutmadır”. (İbn Əbu Hatim, 13838).
 
ən-Nisa, 95-96
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَى وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا * دَرَجَاتٍ مِنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
95. Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Üzrlü olanlar isə istisnadırlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etmişdir. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir.
96. Bu Onun tərəfindən möminlərə nəsib olan dərəcələr, bağışlanma  və mərhəmətdir. Allah bağışlayandır, rəhmlidir.
 
əl-Buxari əl-Bəranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” ayəsi nazil olduqda Peyğəmbər ﷺ dedi: “Filankəsi çağırın”. Peyğəmbərin ﷺ çağırdığı adam yazmaq üçün mürəkkəbqabı, lövhə və lələk götürərək gəldi. Peyğəmbər ﷺ ona dedi: “Yaz: “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar”. Bu vaxt Peyğəmbərin ﷺ arxasında İbn Ummu Məktum dayanmışdı. O “Ey Allahın Elçisi, mən koram cihada gedə bilmirəm” dedikdə bu ayənin yerinə “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Üzrlü olanlar isə istisnadırlar” ayəsi nazil oldu”. 
əl-Buxari rəvayət edir ki, bir dəfə Səhl ibn Sad əs-Saidi (Allah ondan razı olsun) məsciddə Mərvan ibn əl-Həkəmi gördü.  Səhl deyir: “Mən gəlib onun yanında əyləşdim və o bizə Zeyd ibn Sabitin belə dediyini danışdı: “Bir dəfə Peyğəmbər ﷺ mənə bu ayəni “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” yazdırarkən İbn Ummu Məktum gələrək “Ey Allahın Elçisi, Allaha and olsun ki, əgər döyüşə bilsəydim mütləq döyüşərdim” dedi. İbn Ummu Məktum kor kişi idi. Bu vaxt Uca Allah Öz elçisinə – onun ayağı mənim ayağımın üstündə ikən ayə nazil etdi və həmin an ayağıma elə bir ağırlıq düşdü ki, mən ayağımın xıncım-xıncım olacağından qorxdum. Peyğəmbər ﷺ özünə gəldikdən sonra aydın oldu ki, Uca Allah ona bu sözü nazil etmişdir: “Üzrlü olanlar isə istisnadırlar”. Hədisi iki “Səhih” əsərinin sahiblərindən yalnız əl-Buxari rəvayət etmişdir. 
İmam Əhməd bu hədisi başqa bir şəkildə Xaricə ibn Zeyddən, o da Zeyd ibn Sabitdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Zeyd İbn Sabit demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ yanında oturmuşdum. Birdən ona vəhy nazil oldu və onu sükut bürüdü. Sonra ayağını qaldırıb ayağımın üzərinə qoydu. Allaha and olsun ki, mən indiyə kimi Peyğəmbərin ﷺ ayağından daha ağır heç bir şey hiss etməmişdim. Sonra özünə gəldi və dedi: “Ey Zeyd, yaz!” Mən yazmaq üçün dəvənin çiyin sümüyünü  götürdüm. Peyğəmbər ﷺ dedi: “Yaz: “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” ta ki, “böyük bir mükafatla üstün etmişdir” sözünə qədər”. Mən Peyğəmbərin ﷺ dediklərini bir çiyin sümüyünün üzərinə yazdım. İbn Ummu Məktum kor kişi idi. O, mücahidlərin fəzilətini eşidib ayağa qalxdı və dedi: “Ey Allahın Elçisi, bəs döyüşə bilməyən kor və buna bənzər möminlər necə olsun?” O sözünü tamamlayan kimi Peyğəmbəri ﷺ yenidən sükut bürüdü və onun ayağı mənim ayağımın üzərinə düşdü. Birinci dəfə hiss etdiyim ağırlığı yenə də hiss etdim. O özünə gələndən sonra dedi: “Oxu, ey Zeyd!” Mən “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” oxuduqda, Peyğəmbər ﷺ “Üzrlü olanlar isə istisnadırlar” cümləsini əlavə etdi”. Zeyd dedi: “Mən bu cümləni ayəyə əlavə etdim. Allaha and olsun! Bu hadisə elə yadımdadır ki, sanki indi çiyin sümüyünün çat olan hissəsində sonradan əlavə etdiyim cümləyə baxıram”. Oxşar hədisi Əbu Davud da rəvayət etmişdir. 
Abdur-Razzəq Qabisa ibn Zueybdən rəvayət etmişdir ki, Zeyd ibn Sabit (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbər ﷺ üçün vəhy yazardım. Bir dəfə o mənə “Yaz: “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” dedi. Bu vaxt Abdullah ibn Ummu Məktum gəlib dedi: “Ey Allahın Elçisi, mən Allah yolunda döyüşmək istəyirəm, lakin sən mənim sağalmayan xəstəliyə tutulduğumu görürsən. Gözlərim kordur”. Bu vaxt Peyğəmbərə ﷺ vəhy nazil oldu və Peyğəmbərin ﷺ ayağı ayağımın üzərində o qədər ağırlaşdı ki, ayağımın xıncım-xıncım olacağından qorxdum. Peyğəmbər ﷺ özünə gəldikdən sonra dedi: “Yaz: “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Üzrlü olanlar isə istisnadırlar”.  Hədisi İbn Əbu Hatim və İbn Cərir də rəvayət etmişlər.
Həmçinin Abdur-Razzəq rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allahın “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Üzrlü olanlar isə istisnadırlar” ayəsi Bədr döyüşü barədə – döyüşə qatılanlarla qatılmayanlar barədə nazil olmuşdur”.  Hədisi yalnız əl-Buxari rəvayət etmişdir. Muslim isə rəvayət etməmişdir. Hədisi həmçinin ət-Tirmizi rəvayət etmişdir. Onun rəvayətində bu əlavə var: “Bədr döyüşü ərəfəsində Abdullah ibn Cəhş və İbn Ummu Məktum dedilər: “Ey Allahın Elçisi, biz ikimiz də koruq. Bizim döyüşə getməməyimizə izin varmı?” Bu səbəbdən “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Üzrlü olanlar isə istisnadırlar” ayəsi nazil oldu. Uca Allah cihad edənləri, üzrlü olanlar istisna olmaqla, evdə oturanlardan dərəcə etibarilə üstün etmişdir. “Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir. Bu Onun tərəfindən möminlərə nəsib olan dərəcələr, bağışlanma və mərhəmətdir”, yəni Uca Allah möminlərdən cihad edənlərə, üzrlü olanlar istisna olmaqla, evlərində oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir”. Hədisin mətni ət-Tirmiziyə aiddir. ət-Tirmizi demişdir: “Bu, “həsən-ğarib” hədisdir”. 
Uca Allahın “Möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” ayəsi əvvəl ümumi olaraq nazil olmuşdu. Lakin tez bir zamanda “Üzrlü olanlar isə istisnadırlar” cümləsi vəhy olunaraq korluq, axsaqlıq və xəstəlik kimi cihadı tərk etməyi icazəli edən üzr sahiblərini evdə oturanlardan istisna etdi və onları Allah yolunda malları və canları ilə cihad edənlərə bərabər etdi.
Sonra Uca Allah cihad edənlərin, evlərində oturanlardan daha üstün olduqlarını xəbər verir. İbn Abbasın (Allah ondan razı olsun) dediyinə görə, burada üzrlü olanlar müstəsnadır. Bu belə də olmalıdır. Belə ki, əl-Buxarinin “Səhih” əsərində Ənəsdən rəvayət edilən bu hədis buna dəlalət edir. Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Bizdən sonra Mədinədə qalan elə insanlar var ki, keçdiyimiz hər bir dərədə və vadidə onlar sizinlədir”. Səhabələr: “Ey Allahın Elçisi, axı onlar Mədinədədirlər?!” Peyğəmbər ﷺ dedi: “Bəli, lakin onlar üzrlü səbəbə görə döyüşdə iştirak etməmişlər”. Hədisi İmam Əhməd və Əbu Davud da rəvayət etmişlər. 
Uca Allah buyurur: “Allah onların hamısına ən gözəl olanı vəd etmişdir”, yəni Cənnəti, böyük mükafatı vəd vermişdir. Bu ayə dəlalət edir ki, cihad fardu-ayn (hər kəsə vacib) deyil, fardu-kifayədir (kifayət qədər insan yerinə yetirərsə, digərlərinin üzərindən vacibliyi düşür).
Sonra Uca Allah “Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir” buyuraraq Onun yolunda döyüşənləri Cənnətin yüksək təbəqələrindəki otaqlara salmaqla, günah və səhvlərini bağışlamaqla, üzərilərinə rəhmət və bərəkət yağdırmaqla onlara lütf etdiyini xəbər verir. Bu səbəbdən “Bu Onun tərəfindən möminlərə nəsib olan dərəcələr, bağışlanma və mərhəmətdir. Allah bağışlayandır, rəhmlidir” buyurur.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Cənnətdə yüz mərtəbə vardır ki, Uca Allah bunları Onun yolunda cihad edənlər üçün hazırlamışdır. Bu mərtəbələrdən hər iki mərtəbə arasındakı məsafə yerlə göy arasında olan məsafəyə bərabərdir”.
 
ən-Nisa, 97-100
إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُوا فِيمَ كُنْتُمْ قَالُوا كُنَّا مُسْتَضْعَفِينَ فِي الْأَرْضِ قَالُوا أَلَمْ تَكُنْ أَرْضُ اللَّهِ وَاسِعَةً فَتُهَاجِرُوا فِيهَا فَأُولَئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءَتْ مَصِيرًا * إِلَّا الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ لَا يَسْتَطِيعُونَ حِيلَةً وَلَا يَهْتَدُونَ سَبِيلًا * فَأُولَئِكَ عَسَى اللَّهُ أَنْ يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللَّهُ عَفُوًّا غَفُورًا * وَمَنْ يُهَاجِرْ فِي سَبِيلِ اللَّهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّهِ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
97. Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?” deyəcəklər. Onlar “Biz yer üzündə zəif insanlar idik!” deyə cavab verəcəklər. Mələklər də onlara “Məgər Allahın yeri o qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?” deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
98. Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır.
99. Ümid olunur ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
100. Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim Allaha və Onun rəsuluna tərəf hicrət edərək evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatını Allah Özü verər. Allah bağışlayandır, rəhmlidir.
 
əl-Buxari Muhəmməd ibn Abdur-Rahmən Əbul-Əsvədin belə dediyini rəvayət etmişdir: “Mədinə əhalisindən (Şama qarşı) qoşun yığıldığı zaman mən də onların sıralarına yazıldım. (Burada Məkkənin valisi Abdullah ibn əz-Zubeyrlə Şamın valisi olan Abdul-Məlik ibn Mərvan arasında baş vermiş fitnədən söhbət gedir. O vaxt Abdullah ibn əz-Zubeyr Ərəbistan yarımadasından Şama hücum etmək üçün qoşun hazırlayırdı və Mədinə əhalisindən də könüllülərin cəlb edilməsi üçün xəbər göndərmişdi. */ Sonra mən İbn Abbasın azad etdiyi köləsi İkrimə ilə qarşılaşdım və bu barədə ona bildirdim. O mənə bu döyüşdə iştirak etməyi ciddi şəkildə qadağan etdi və dedi: “İbn Abbas mənə xəbər vermişdir ki, bir vaxt Məkkədə imanlarını gizlədərək yaşayan müsəlmanlar məcburiyyət qarşısında müşriklərə qoşulub onların sayını artırır və onlarla birlikdə Peyğəmbərə ﷺ qarşı döyüşürdülər. Döyüş əsnasında müsəlmanlar tərəfindən ox və ya qılıncla öldürüldükdə, Allah bu ayəni nazil etdi: “Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara “Siz nə halda idiniz?” deyəcəklər. Onlar “Biz yer üzündə zəif insanlar idik!” deyə cavab verəcəklər. Mələklər də onlara “Məgər Allahın yeri o qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?” deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir”. (əl-Buxari (8/197-198 Fəthul-Bari); ət-Tabəri (10261, 10262). (Əhməd Şakir). əl-Buxari, 4596, 7085; əl-Beyhəqi “Sunənul-Kubra” 18205; ət-Tabərani “Mucəmul-Kəbir” 11344).
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Məkkə əhalisindən bəziləri İslamı qəbul etmişdilər, lakin müsəlman olduqlarını gizlədirdilər. Bədr döyüşü günü müşriklər onları özləri ilə birlikdə döyüşə aparmışdılar və onlardan bəziləri bu döyüşdə öldü. Müsəlmanlar “Bu yoldaşlarımız müsəlman idilər. Onlar məcburiyyət qarşısında bizə qarşı çıxmışdılar” deyib onlar üçün Allahdan bağışlanma dilədilər. Bu səbəbdən “Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara “Siz nə halda idiniz?” deyəcəklər...” ayəsi nazil oldu. Səhabələr bu ayəni Məkkədə müşriklərin arasında qalan digər müsəlmanlara yazıb göndərdilər və onlara bildirdilər ki, onların orada bu səbəbdən, yəni məcburiyyətdən qalmalarının üzrü qəbul olunmayacaq. Onlar hicrət etmək üçün yola çıxdıqda bəzi müşriklər onlara qoşulub aralarına fitnə saldılar. Bu səbəbdən Uca Allahın “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda “Allaha və Axirət gününə inanırıq”, deyirlər” (“əl-Bəqərə”, 8) ayəsi nazil oldu”. (ət-Tabəri (10260). Hədisin isnadı səhihdir. əs-Suyuti hədisi əlavə olaraq İbn əl-Munzirə, İbn Mərdəveyhə və əl-Beyhəqiyə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 10326, 22089, 27943; İbn Əbu Hatim, 5863, 17170. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər).
Bu ayə ümumi olub dinini yaşamağa imkanı olmayan və hicrət (Hicrət sözünün hərfi mənası “tərk etmək” deməkdir. Burada isə bir müsəlmanın dinini qorumaq məqsədilə İslama düşmənçilik edən bir ölkədən təhlükəsiz yerə köçməsi nəzərdə tutulur. İslamın əvvəlində Məkkə fəth olunana qədər müsəlmanlara hicrət etmək vacib idi, lakin Məkkə fəth olunandan sonra Peyğəmbər ﷺ belə buyurdu: “Bu gündən etibarən artıq hicrət etməyə lüzum yoxdur. Amma cihad etmək və niyyət var. Əgər sizi cihada çağırsalar, tələsin!” (əl-Buxari, 1703, 1834). Lakin kafir ölkəsində dinini yaşaya bilməyən hər kəs üçün yaşadığı dövrdən asılı olmayaraq müsəlman ölkələrinə hicrət etmək vacibdir). etməyə gücü çatdığı halda müşriklərin arasında qalan hər bir kəs barədə nazil olmuşdur. Bu insan, alimlərin yekdil rəyinə görə, özünə zülm etmiş və haram iş tutmuş sayılır. Bu ayə onların özlərinə zülm və haram etdiklərini bildirir. Belə ki, Uca Allah buyurur: “Mələklər” hicrəti tərk etməklə “özlərinə zülm edənlərin canlarını alarkən onlara “Siz nə halda idiniz?”, yəni “nə üçün hicrət etməyib burada qaldınız?” deyəcəklər”. Onlar “Biz yer üzündə zəif insanlar idik!”, yəni biz ölkəni tərk etməyi bacarmadıq “deyə cavab verəcəklər”. Mələklər də onlara “Məgər Allahın yeri o qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?” deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir”. Əbu Davud Səmura ibn Cundubdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim müşriklərlə birlikdə onların həyatını yaşayarsa və onunla bir yerdə məskunlaşarsa, o da onlar kimidir”. (Əbu Davud, 2787, 2789. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2330).
Uca Allah buyurur: “Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır”. Bu ayə ilə Uca Allah müşriklərin əllərindən xilas olmağa gücləri çatmadığı üçün hicrəti tərk edənlərin üzrlərini qəbul etdiyini bildirir. Əgər xilas olmaq üçün bir çıxış yolu bilsəydilər və bildikləri bu yola gücləri yetsəydi, həmin yolu tutardılar. Bu səbəbdən Uca Allah “zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən” buyurur.
Uca Allah buyurur: “Ümid olunur ki, Allah onları əfv etsin”, yəni ümid olunur ki, Allah onların hicrəti tərk etməklə qazanmış olduqları günahlarından keçsin. Quranda Uca Allahın Özünə aid etdiyi “ümid olunur” sözü bir növ qətilik ifadə edir. Bu səbəbdən Uca Allah buyurur: “Həqiqətən, Allah əfv edəndir, bağışlayandır”. əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ İşa namazını qılarkən başını rukudan qaldırdıqdan sonra “Səmi-Allahu limən həmidəh” (Allah Ona həmd edəni eşitdi)” deyib səcdə etməmişdən əvvəl belə dua etdi: “Allahım, Ayyəş ibn Əbu Rabiəni xilas et! Allahım, Sələmə ibn Hişamı xilas et! Allahım, Vəlid ibn Vəlidi xilas et! Allahım, möminlərdən zəif olanları xilas et! Allahım, Mudar qəbiləsinə olan əzabını şiddətləndir! Allahım, onlara Yusufun zamanında göndərdiyin yeddi qıtlıq və quraqlıq illəri kimi illər göndər!” (əl-Buxari (8/198 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 4232, 4598).
Uca Allah buyurur: “Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və genişlik tapar”. Bu ayə möminləri hicrət etməyə və müşriklərin yaşadığı ölkəni tərk etməyə təşviq edir. Mömin hara gedirsə-getsin, müşriklərdən xilas olmağa geniş bir yer və qorunmaq üçün bir sığınacaq tapacaq. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə keçən مُرَاغَمٌ [mura:ğam] sözünün mənası bir yerdən başqa bir yerə köçməkdir”. Mucahid isə bu sözü “xoşlamadığın şeylərdən uzaq olan bir yer” kimi təfsir etmişdir. Lakin görünən budur ki, – ən doğrusunu Allah bilir – bu söz düşməndən qorunan və müdafiə olunan sığınacaq mənasındadır. Bir çox alimlər ayədəki “genişlik” sözünü “ruzi” kimi təfsir etmişlər.
Uca Allah buyurur: “Kim Allaha və Onun rəsuluna tərəf hicrət edərək evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatını Allah Özü verər”, yəni kim evindən hicrət niyyəti ilə çıxar və səfər əsnasında ölərsə, o şəxs Allah qatında hicrət etmiş insanın savabına nail olar. Necə ki əl-Buxari və Muslim “Səhih” əsərlərində, habelə digər “Səhih”, “Musnəd” və “Sunən” əsərlərinin müəlliflərinin Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır. Kim hicrəti əldə edəcəyi dünya malından və ya evlənəcəyi qadından ötrü etmişsə, onun hicrəti Allah və Onun peyğəmbərinin razı qalması üçün deyil, hicrət etdiyi şeyə aiddir”. (əl-Buxari, 1; Ədu Davud, 2201, 2203; İbn Məcə, 4227).
Əməllərin niyyətə görə olması həm hicrət, həm də digər bütün əməllər üçün ümumidir. Bu mənada olan hədislərdən biri də əl-Buxari və Muslimin “Səhih” əsərlərində doxsan doqquz nəfəri öldürmüş kişi barədə olan hədisdir. Bu kişi daha sonra ona tövbəsinin qəbul olmayacağını deyən rahibi öldürməklə yüzü tamamlamışdır. Sonra o, tövbəsinin qəbul olub-olmaması barədə bir alimdən soruşmuş, bu alim ona olduğu kənddən başqa bir kəndə köçməsini və orada Allaha ibadət etməsini məsləhət görmüşdür. Yolda ölüm onu haqladı. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz aralarında çəkişməyə başladılar. Rəhmət mələkləri “O, tövbə etmişdir” deyərkən əzab mələkləri “O hələ hicrət etdiyi kəndə çatmamışdır” demişlər. Allah onlara kişinin qət etdiyi yol ilə, üz tutduğu kəndə qalan yolun məsafəsini ölçməyi əmr edir. Hansına yaxın olsa, ora aid olduğunu buyurur. Allah yerin bu tərəfinə (getdiyi kəndə tərəf olan yola) “Yaxınlaş!”, o tərəfinə (qət etdiyi yola) isə “Uzaqlaş” deyə vəhy etdi. Sonra da mələklərə “Bunların arasındakı məsafəni ölçün!” deyə buyurdu. Məsafə ölçüldükdən sonra bu adamın üz tutduğu kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və rəhmət mələkləri onun canını aldı. (əl-Buxari, 3211, 3283, 3470; Muslim, 4967-4968, 7184-7185).
İmam Əhməd rəvayət etmişdir ki, Abdullah ibn Atik (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kim Allah yolunda cihad etmək üçün evindən bu üç şeylə (canı, silahı və miniyi ilə) çıxar, – Peyğəmbər ﷺ orta, şəhadət və baş barmaqlarını birləşdirdi – sonra cihad edənləri axtararaq “Cihad edənlər haradadırlar?” deyər və onlara yetişməmiş miniyindən yıxılıb ölərsə, onun mükafatını Allah Özü verəcəkdir. Yaxud zəhərli bir heyvan çalması səbəbi ilə ölərsə, onun mükafatını Allah Özü verəcəkdir. Hətta yatağında yatmış halda ölərsə belə, yenə onun mükafatını Allah Özü verəcəkdir”. Ravi demişdir: “Allaha and olsun ki, Peyğəmbərdən ﷺ əvvəl ərəblərdən heç kimdən belə sözlər eşitməmişdim”. Sonra Peyğəmbər ﷺ dedi: “Kim də yerində qəfil öldürülərsə, gözəl dönüş (Cənnət) ona vacib olar”. (“əl-Musnəd” (16485); əl-Hakim (2/88). əl-Hakim demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 16414, 16461, 16528. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) belə dedi: “Damra ibn Cundub Peyğəmbərin ﷺ yanına gəlmək üçün səfərə çıxmışdı, lakin o, Peyğəmbərin ﷺ yanına çatmamış yolda öldü. Bu səbəbdən Uca Allahın “Kim Allaha və Onun rəsuluna tərəf hicrət edərək evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatını Allah Özü verər. Allah bağışlayandır, rəhmlidir”, ayəsi nazil oldu”. (Hədisin isnadı səhihdir. Həmçinin ət-Tabəri (10294) başqa bir səhih isnadla rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 11544; Əbu Yəalə, 2679; ət-Tabəri, 10361; İbn Əbu Hatim, 5887, 5889. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər).
 
ən-Nisa, 101
وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَنْ يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَدُوًّا مُبِينًا
101. Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşməninizdir.
 
Uca Allah buyurur: “Yer üzündə səfərə çıxdığınız zaman ...”, yəni bir ölkədən başqa bir ölkəyə səfər etdikdə. Necə ki eyni ifadəni başqa bir ayədə səfərə çıxmaq mənasında istifadə edərək buyurur: “Digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır” (“əl-Muzzəmmil”, 20).
Uca Allah buyurur: “...kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur”, yəni namazları yüngülləşdirməkdə sizə bir günah yoxdur. Əksər alimlər bu ayədən dördrükətli namazları iki rükət qılmaqla miqdarının azaldılmasını başa düşmüşlər və bu ayəni səfərdə namazı qısaltmağın icazəli olmasına dəlil gətirmişlər. Həmçinin bu alimlər namazı qısaltmağı icazəli edən səfərin növündə fikir ayrılığına düşmüşlər. Alimlərdən bir qismi bu səfərin mütləq cihad, həcc, ümrə, elm tələbi, ziyarət və sair buna bənzər itaət məqsədi daşımasını vacib görmüşlər. Necə ki bu rəy İbn Ömər və Ətadan rəvayət edilmişdir. Həmçinin Malikin Uca Allahın: “...kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa” sözünün zahiri mənasına əsaslanaraq oxşar rəyi dediyi rəvayət olunur.
Bəzi alimlər isə bu səfərin ibadət məqsədi daşımasının şərt olmadığını, mübah (haram məqsədi daşımayan) bir səfər olmasının yetərli olduğunu demişlər. Bu rəydə olanlar Uca Allahın: “Kim aclıq üzündən çarəsiz qalarsa, günaha meyil etməyərək haram edilmiş ətlərdən yeyə bilər” (“əl-Maidə”, 3) ayəsini dəlil gətirmişlər. Bu ayədə Uca Allah çarəsiz qalan insana səfərdə həddi aşmamaq şərtilə leş ətindən yeməyə icazə vermişdir. Bu, əş-Şafii, Əhməd və digər alimlərin rəyidir.
Bəzi alimlər isə istənilən səfərdə namazları qısaltmağın icazəli olduğunu demişlər. Onların sözünə görə, fərq etməz – istər mübah olsun, istər haram, bir insanın səfərə çıxması onun namazları qısaltmasını icazəli edir. Hətta yol kəsmək və ya yoldan keçənlərdə qorxu yaratmaq məqsədilə çıxmış olsa belə, səfər olduğu üçün namazları qısaltması icazəlidir. Bu rəydə olanlar ayənin mənasının ümumi olmasına əsaslanmışlar. Bu, Əbu Hənifə, əs-Səuri və Davudun rəyidir. Əksər alimlər isə bu rəydə deyillər. Uca Allahın “...kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa” deməsinə gəlincə, bu, ayə nazil olan vaxt mövcud vəziyyətə görə idi, çünki hicrətdən sonra İslamın başlanğıcında müsəlmanların səfərlərinin çoxu təhlükəli olurdu. Onlar yola çıxdıqları zaman, ya ümumi bir döyüş üçün, ya da xüsusi bir hərbi tapşırıq üçün səfərə çıxardılar. Ətrafda olan qəsəbələr müsəlmanlarla döyüş vəziyyətində idilər. Qaydaya əsasən, əgər bir ifadə, əksəriyyət nəzərə alınaraq və ya xüsusi bir hadisəyə görə deyilərsə, bu ifadə məna kəsb etməz. Uca Allahın bu ayələrdə buyurduğu kimi “Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin” (“ən-Nur”, 33). Həmçinin buyurur: “Sizə ...yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız... haram edildi” (“ən-Nisa”, 23). (Peyğəmbərin ﷺ dövründə əksər hallarda kənizlər zinakarlığa məcbur edildiyinə görə birinci ayədə “Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr,...” deyilir. Lakin bu, kəniz olmayan qadınların ayəyə daxil olmaması anlamına gəlmir. İkinci ayədə isə, adətən, ögey qızlar atalığın himayəsində yaşadığına görə “himayənizdəki ögey qızlar” deyilir. Buna baxmayaraq, atalığın himayəsində olmasa belə, kişinin yaxınlıq etdiyi qadının qızı ilə evlənməsi haramdır).
İmam Əhməd Yəalə ibn Umeyyənin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Ömər ibn Xattabdan soruşdum: “Uca Allah “...kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur” buyurur. Halbuki Uca Allah indi insanlara əmin-amanlıq vermişdir”. Ömər mənə dedi: “Səni təəccübləndirən bu məqamdan mən də təəccüblənmiş və bunu Peyğəmbərdən ﷺ soruşmuşdum. Peyğəmbər ﷺ də belə buyurdu: “Bu, Allahın sizə bəxş etdiyi bir sədəqədir, onun sədəqəsini qəbul edin”. Hədisi Muslim və “Sunən” sahibləri rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Bu, “həsən-səhih” hədisdir”. Əli ibn əl-Mədini demişdir: “Ömərdən rəvayət edilən bu hədis səhihdir. Hədis yalnız bu isnadla rəvayət olunur və raviləri tanınan şəxslərdir”. (“əl-Musnəd” (174). (Əhməd Şakir). Əhməd, 174; Əbu Davud, 1083; İbn Məcə, 1065. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1335).
Əbu Bəkr ibn Əbu Şeybə rəvayət etmişdir ki, Əbu Hənzalə əl-Həzzə belə demişdir: “Bir dəfə İbn Ömərdən səfər namazı barədə soruşdum və mənə səfər namazının iki rükət olduğunu dedi. Mən soruşdum: “Biz əmin-amanlıq içində olduğumuz halda, Uca Allahın “...kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa” ayəsinə necə əməl edək?” İbn Ömər “Bu, Peyğəmbərin ﷺ sünnəsidir” deyə cavab verdi”. (“əl-Musnəd” (6194, 4704, 5213). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 6194. Şueyb əl-Arnavut hədisin səhih li-ğeyrihi olduğunu bildirmişdir).
Əbu Bəkr ibn Əbu Şeybə rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə biz Məkkə ilə Mədinə arasında yerləşən bir yerdə, bu iki şəhər arasında heç nədən qorxmadığımız halda, əmin-amanlıq içində, Peyğəmbərlə ﷺ birlikdə (dördrükətli) namazı iki rükət qıldıq”. Hədisi ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər. ət-Tirmizi hədisin səhih olduğunu bildirmişdir. (“əl-Musnəd” (1852, 1995, 3317); ət-Tirmizi (457). (Əhməd Şakir). İbn Əbu Şeybə, 8164, 8248; ən-Nəsəi “Sunən” 1419, 1436, 1447. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 1435-1436).
əl-Buxari Ənəsin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbərlə ﷺ birlikdə Mədinədən Məkkəyə doğru yola çıxdıq. Mədinəyə dönənə qədər Peyğəmbər (dördrükətli) namazları iki rükət qılırdı”. Ravi deyir: “Mən Ənəsdən: “Məkkədə nə qədər qaldınız?”– deyə soruşdum. Ənəs “Orada on gün qaldıq” deyə cavab verdi”. (əl-Buxari, 1019, 1081). Hədisi digər hədis kitablarının müəllifləri də rəvayət etmişlər.
İmam Əhməd Hərisə ibn Vəhb əl-Xuzəinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə Zöhr və Əsr namazlarını insanların ən çox və ən təhlükəsizlikdə olduqları Minada iki rükət qıldım”. Hədisi İbn Məcədən başqa digər hədis kitablarının müəllifləri rəvayət etmişlər.
əl-Buxari və Muslim Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Mən səfərdə ikən Peyğəmbərlə ﷺ, Əbu Bəkirlə, Ömərlə və xəlifəliyinin ilk dövrlərində Osmanla birlikdə namazı iki rükət qılmışam. Sonra Osman namazı dörd rükətə tamamladı”. (əl-Buxari, 1020, 1082). Muslim də bu hədisi Yəhya ibn Səid əl-Qattandan rəvayət etmişdir.
əl-Buxari Abdur-Rahmən ibn Yəzidin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Osman ibn Affan bizə Minada namazı dörd rükət qıldırdı. Bu barədə Abdullah ibn Məsuda xəbər verildikdə, o (təəccüb edib) “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! (Bu sözlər təəccüb doğuran bir şey gördükdə və ya hər hansı bir müsibət üz verdikdə deyilir. İbn Məsud bu duanı Osmanın (Allah onlardan razı olsun) belə etməsinə etiraz olaraq demişdir. Uca Allah buyurur: “O kəslər ki onlara bir müsibət üz verdikdə “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!” deyirlər” (“əl-Bəqərə”, 156). Transkripsiyası: [İnnə lillə:hi və innə ileyhi ra:ciu:n]).” dedikdən sonra buyurdu: “Mən Peyğəmbərlə ﷺ birlikdə Minada iki rükət namaz qılmışam, həmçinin Əbu Bəkrlə birlikdə Minada iki rükət namaz qılmışam, habelə Ömər ibn Xəttabla birlikdə Minada iki rükət namaz qılmışam. Dörd rükət qılmaqdansa, qəbul olunmuş iki rükət namaz qılmaq mənim üçün daha xoşdur”. Hədisi Muslim də rəvayət etmişdir. (Muslim, 1122, 1628; əl-Buxari, 1022, 1084).
Bu hədislər namazın qısaldılması üçün təhlükəli vəziyyətin və qorxunun şərt olmamasına açıq bir şəkildə dəlalət edir. Bu səbəbdən bəzi alimlər ayədə namazı qısaltmaq dedikdə, kəmiyyət (rükətlərin sayı) baxımından deyil, keyfiyyət baxımından qısaltmağın nəzərdə tutulduğunu demişlər. İrəlidə qeyd edəcəyimiz kimi, bu rəy Mucahid, əd-Dahhək və əs-Suddiyə aiddir. Bu rəydə olanlar, həmçinin İmam Malikin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə əsaslanmışlar. Aişə (Allah ondan razı olsun) demişdir: “Səfərdə və evdə qılınan namazlar iki rükət-iki rükət əmr olunmuşdu. Sonralar səfərdə qılınan namazlar olduğu kimi qaldı, daimi yaşayış yerində qılınan namazlara isə (bir və ya iki rükət) artırıldı”. (əl-Buxari, 337, 350; Muslim, 1105, 1602; Əbu Davud, 1198, 1200; ən-Nəsəi “Sunən” 451, 455, 459). Bu hədisi əl-Buxari, Muslim, Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər. Bu rəydə olanlar demişlər: “Əgər səfərdə qılınan namazların əsli iki rükətdirsə, ayədə namazın qısaldılması deyildikdə kəmiyyət baxımından qısaldılması necə nəzərdə tutula bilər? Əslən iki rükət olan namaza “namazı qısaltmanızda sizə günah yoxdur” deyilə bilməz. Dəlalət cəhətdən bundan daha aydın olan İmam Əhmədin rəvayət etdiyi bu hədisdir: Ömər (Allah ondan razı olsun) demişdir: “Uca Allah Muhəmmədin dili ilə səfər namazını iki rükət, Ramazan və Qurban bayramlarının namazlarını iki rükət, Cümə namazını iki rükət buyurmuşdur. Bu namazlar tamdır, qısaldılmamışdır”. Hədisi ən-Nəsəi, İbn Məcə və İbn Hibban “Səhih” əsərində rəvayət etmişlər. Hədisin isnadı Muslimin şərtinə uyğundur. (“əl-Musnəd” (257). Hədisin sənədi bitişik olmadığına görə zəif sayılır, çünki Abdur-Rahmən ibn Əbu Leylə Ömərdən hədis eşitməmişdir. Lakin İbn Məcə və İbn Həzm hədisi Abdur-Rahmən ibn Əbu Leylədən, o da Kəb ibn Ucradan, o da Ömərdən rəvayət etmişlər. Bu rəvayətlərə görə, hədis səhihdir. İbn Kəsir burada Abdur-Rahmən ibn Əbu Leylənin Ömərdən (Allah onlardan razı olsun) hədis eşitməsinə işarə edərək “əl-Musnəd” əsərindəki hədisin səhih olduğunu bildirmişdir. (Əhməd Şakir). Əhməd, 257; əl-Bəzzər, 331. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
Muslim, Əbu Davud, ən-Nəsəi və İbn Məcə Abdullah ibn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Uca Allah Peyğəmbərinizin ﷺ dili ilə namazı daimi yaşayış yerində dörd rükət, səfərdə iki rükət, qorxu halında isə bir rükət fərz etmişdir”. (“əl-Musnəd” (2124, 2177); Muslim (1/192); Əbu Davud (1247); ən-Nəsəi (1/227); İbn Məcə (1068). Bu hədis “əl-Bəqərə” surəsinin 239-cu ayəsinin təfsirində keçmişdir. Hədisin təxrici üçün ət-Tabəriyə (5569) bax. (Əhməd Şakir). Muslim, 1109-1110, 1607-1608; Əhməd, 2243).
Bu hədis İbn Abbasdan (Allah ondan razı olsun) sabit olub daha əvvəl keçən Aişənin (Allah ondan razı olsun) hədisinə zidd deyil, çünki Aişə namazın əslinin iki rükət olduğunu, lakin sonradan daimi yaşayış yerində qılınan namazlara (bir və ya iki rükət) artırıldığını bildirmişdir. Bu bərqərar olduqdan sonra İbn Abbasın (Allah ondan razı olsun) dediyi kimi, daimi yaşayış yerində qılınan namazların dörd rükət fərz olunduğunu demək olar. Ən doğrusunu Allah bilir. Lakin İbn Abbas və Aişənin (Allah onlardan razı olsun) hədisləri səfər namazının iki rükət olmasında və bunun qısaldılmış deyil, tam olmasında ittifaq etmişlər. Necə ki bu xüsus Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə də aydın ifadə edilmişdir. Belə olduqda Uca Allahın “namazı qısaltmanızda sizə günah yoxdur” ayəsində nəzərdə tutulan, qorxu namazında olduğu kimi, namazın keyfiyyət baxımından qısaldılmasıdır. Bu səbəbdən Uca Allah “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşməninizdir” buyurur, sonrakı ayədə isə “Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər” buyurmaqla qorxu halında namazı qısaltmağın məqsədini, necəliyini və keyfiyyətini bəyan etmişdir. Eyni səbəbə görə əl-Buxari “Səhih” əsərində “Qorxu namazı kitabı” başlığı altındakı bölümü Uca Allahın “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur. ...Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır” (“ən-Nisa”, 101-102) ayələri ilə başlamışdır. əd-Dahhək Uca Allahın “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur” ayəsi barədə demişdir: “Bu, döyüş əsnasında minikdə olan insanın üzü hansı tərəfə olursa olsun, iki təkbirlə (iki rükət) namaz qılmasıdır”. (İbn Əbu Hatim, 5893).
İbn Cərir rəvayət etmişdir ki, Umeyyə ibn Abdullah ibn Xalid ibn Useyd bir dəfə Abdullah ibn Ömərdən “Nə üçün biz Allahın Kitabında qorxu halında namazın qısaldılmasını görürük, lakin səfərdə olarkən namazın qısaldılmasını görmürük?” soruşduqda Abdullah belə cavab vermişdir: “Biz Peyğəmbərimizi ﷺ) belə edən görmüşük və onu da edirik”. (ət-Tabəri (10318). Buradakı isnadı bitişik deyil. Həmçinin Əhməd (5333) Malikin bitişik olmayan isnadı ilə rəvayət etmişdir, lakin hədis bitişik isnadla “əl-Musnəd” (5683, 6353) əsərində var. (Əhməd Şakir). Umeyyə ibn Abdullah ayədə qısaldılması nəzərdə tutulan namazı qorxu namazı adlandırmışdır. Ayəni də səfər namazına deyil, qorxu namazına aid etmişdir. İbn Ömər (Allah ondan razı olsun) isə onun dediyini qəbul etmiş və səfərdə namazı qısaltmağa dəlil olaraq Quran ayəsini deyil, şəriətin buyurduğunu (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - etdiyini) götürmüşdür.
Bundan daha aydın dəlil isə İbn Cəririn Simək əl-Hənəfidən rəvayət etdiyi hədisdir. Simək əl-Hənəfi demişdir: “Bir dəfə İbn Ömərdən səfər namazı barədə soruşdum. O dedi: “Səfər namazı qısaldılmamış, tam olan iki rükətdir. Qısaldılan yalnız qorxu namazıdır”. Mən “Qorxu namazı nədir?” deyə soruşdum. O belə cavab verdi: “İmam bir qrupa bir rükət namaz qıldırır, sonra bu qrup (namaz qılanlar) qalxıb digər qrupun (keşik çəkənlərin) yerinə keçir, digər qrup da bunların yerinə gəlir və imam onlara da bir rükət qıldırır. Beləcə, imam iki rükət, hər bir qrup isə bir rükət qılmış olur”. (ət-Tabəri (10327). İsnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 10327, 10394).
 
ən-Nisa, 102
وَإِذَا كُنْتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلَاةَ فَلْتَقُمْ طَائِفَةٌ مِنْهُمْ مَعَكَ وَلْيَأْخُذُوا أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا فَلْيَكُونُوا مِنْ وَرَائِكُمْ وَلْتَأْتِ طَائِفَةٌ أُخْرَى لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ الَّذِينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُمْ مَيْلَةً وَاحِدَةً وَلَا جُنَاحَ عَلَيْكُمْ إِنْ كَانَ بِكُمْ أَذًى مِنْ مَطَرٍ أَوْ كُنْتُمْ مَرْضَى أَنْ تَضَعُوا أَسْلِحَتَكُمْ وَخُذُوا حِذْرَكُمْ إِنَّ اللَّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا
102. Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səcdə etdikləri zaman birinci rükəti tamamlayanadək o biri dəstə arxanızda olsun. Sonra namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərlər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər – bir həmlədə sizi məğlub etsinlər. Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə günah yoxdur, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
 
Bu ayədə qorxu namazından söhbət gedir və qorxu namazının bir çox növləri var. Belə ki, düşmən bəzən qiblə istiqamətində, bəzən isə başqa istiqamətlərdə ola bilər. Qılınan namaz bəzən dördrükətli, bəzən Məğrib namazı kimi üçrükətli, bəzən isə Sübh və ya Səfər namazı kimi ikirükətli ola bilər. Həmçinin qorxu namazı bəzən camaat şəklində qılına bilər, bəzən isə qızğın döyüş vaxtı camaat şəklində qılınması mümkün olmaya bilər. Bu halda namaz tək-tək, üzü qibləyə tərəf və ya qibləyə tərəf dönmədən ayaq üstə, ya da minik üzərində qılınır. Belə halda namaz qılan, namaz qıla-qıla düşmənin üzərinə gedə bilər və düşmənlə vuruşaraq ona ardıcıl zərbələr vura bilər.
Bəzi alimlər, əvvəl keçən İbn Abbasın (Allah ondan razı olsun) hədisinə əsasən, bu halda namazın bir rükət qılındığını demişlər. (Burada bu hədis nəzərdə tutulur: “Uca Allah Peyğəmbərinizin ﷺ dili ilə namazı daimi yaşayış yerində dörd rükət, səfərdə iki rükət, qorxu halında isə bir rükət fərz etmişdir”). Əhməd ibn Hənbəl də belə demişdir. əl-Munziri “əl-Həvaşi” əsərində demişdir: “Əta, Cabir, əl-Həsən, Mucahid, əl-Həkəm, Qatədə və Həmməd də bu rəyi demişlər”. Tavus və əd-Dahhək da bu rəyi seçmişlər. Əbu Asim əl-Abbadi nəql etmişdir ki, Muhəmməd ibn Nəsr əl-Mərvəzi qorxu halında Sübh namazının bir rükət qılınması rəyində olmuşdur. İbn Həzm də bu rəyi seçmişdir. İshaq ibn Rahaveyh demişdir: “Düşmənlə qarşı-qarşıya döyüşdükdə ruku və səcdəyə eyham etməklə bir rükət sənə yetər. Əgər buna da imkan olmasa, bir səcdəyə eyham etməyin kifayətdir, çünki bu da Allahı zikr etməkdir”. Digər alimlər isə demişlər: “Qorxu namazında bir təkbir gətirmək (Allahu-Əkbər demək) kifayətdir”. Əhməd ibn Hənbəl və onun davamçılarının dediyi kimi, burada bir rükət nəzərdə tutulur. Lakin bu rəyi nəql edənlər zahiri mənanı götürmürlər və qorxu namazında bir dəfə təkbir gətirməyin kifayət etdiyini demişlər. Necə ki bu, İshaq ibn Rahaveyhin məzhəbidir. Əmir Abdul-Vəhhab ibn Buht əl-Məkki də bu rəyi götürmüş və demişdir: “Əgər dili ilə təkbir gətirməyə gücü çatmasa, ürəyində bunu niyyət etməlidir”. Bu rəyi Səid ibn Mənsur “Sunən” əsərində İsmail ibn Ayyəşdən, o da Şueyb ibn Dinardan rəvayət etmişdir. Ən doğrusunu Allah bilir. (Abdul-Vəhhab ibn Buxt Mərvanın ailəsinin azad etdiyi kölə idi. Döyüşlərə rəhbərlik edənlərdən biri idi. İmam Malikin şeyxlərindən biri olmuşdur. Malik onun barəsində demişdir: “Tez-tez həcc və ümrə edib, döyüşlərə qatılırdı və 113-cü ildə döyüşlərin birində düşmənə hücum edərkən şəhid oldu”. Abdul-Vəhhabdan rəvayət edən Şueyb ibn Dinar, mötəbər ravi olan hafiz Şueyb ibn Əbu Həmzədir. (Əhməd Şakir).
Bəzi alimlər isə döyüş səbəbindən namazı gecikdirməyin icazəli olduğunu bildirmişlər. Necə ki Peyğəmbər ﷺ Xəndək döyüşü günü Zöhr və Əsr namazlarını gecikdirərək hər ikisini Günəş batdıqdan sonra qılmışdır. Ardınca isə Məğrib və İşa namazlarını qılmışdır. Bu hadisədən sonra Bənu Qureyza qəbiləsinə hücum etmək üçün ordunu onların üzərinə göndərərkən “Bənu Qureyza qəbiləsinin yaşadığı yerə çatmadan heç kim Əsr namazını qılmasın” dedi. Bəzi səhabələr yolda ikən Əsr namazının vaxtı çatdı. Onların bir qismi “Peyğəmbər ﷺ sürətlə getməyimizi istədiyi üçün bizə belə demişdir. Əslində, namazı vaxtından sonraya saxlamağımızı istəməmişdir” deyərək namazı vaxtında və yolda qıldılar. Digərləri isə Əsr namazını gecikdirərək Günəş batdıqdan sonra Bənu Qureyza qəbiləsinin yaşadığı yer gəlib çatdıqda qıldılar. Bu barədə Peyğəmbərə ﷺ xəbər verdikdə bu iki qrupdan heç birinə irad tutmadı. Biz bu barədə “Peyğəmbərin həyatı” kitabında ətraflı danışaraq bildirmişik ki, Əsr namazını vaxtında qılanlar daha doğru etmişlər, lakin digərləri də üzrlü sayılırlar. Bu hadisədə dəlil, döyüş və əhdi pozan yəhudi qəbiləsini mühasirəyə almaq səbəbi ilə namazı gecikdirənlərin üzrlü sayılmalarıdır. (Bax: İbn Kəsirin “Tarix” əsəri (4/116-118). (Əhməd Şakir). əl-Buxari, 894, 946, 3810, 4119; Muslim, 3317, 4701). Əksər alimlərin rəyinə görə isə qorxu namazının vacib edilməsi ilə bütün bunların (döyüş səbəbindən namazı gecikdirməyin) hökmü ləğv edilmişdir. Bu hadisələr baş verəndə qorxu namazı barədə ayə hələ nazil olmamışdı. Qorxu namazı barədə ayə nazil olduqda döyüşə görə namazı gecikdirməyin hökmü ləğv edilmişdir. Lakin əl-Muzəni, Əbu Yusuf və İbrahim ibn İsmail ibn Uleyyənin rəylərinə görə, qorxu namazının hökmü Xəndək döyüşü günü Peyğəmbərin ﷺ namazı gecikdirməsi ilə ləğv edilmişdir. Onların belə demələri, həqiqətən qəribədir. Çünki Xəndək döyüşündən sonra qorxu namazının qılınmasına dəlalət edən bir çox hədislər varid olmuşdur.
Uca Allah buyurur: “Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman”. Bu ayədə Uca Allah Peyğəmbərə ﷺ xitab edərək “Qorxu namazında sən onlara imam olaraq namaz qıldırdıqda” buyurur. Bu, birinci haldan (Uca Allahın: “Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (“əl-Bəqərə”, 239) ayəsinin dəlalət etdiyi hal nəzərdə tutulur). fərqlidir, çünki hədisin dəlalət etdiyi kimi, orada namaz təkbaşına, ayaq üstə və ya minik üzərində, üzü qibləyə tərəf və ya qibləyə tərəf dönmədən bir rükət qılınır. Burada isə Uca Allah camaat şəklində, bir imamın arxasında qılınan qorxu namazını zikr etmişdir. Bu ayəyə əsaslanaraq camaat namazının vacib olmasını deyən alimlər nə gözəl dəlil gətirmişlər. Belə ki, namazın bir çox hərəkətləri camaat halında qılınması üçün sadələşdirilmişdir. Əgər camaat namazı vacib olmasaydı, buna icazə verilməzdi. Bəzi alimlər ayədəki Uca Allahın “Sən səhabələrinin arasında olub...” sözünü əsas gətirərək Peyğəmbərin ﷺ vəfatından sonra bu xüsusiyyətin aradan qalxdığını və Peyğəmbərdən ﷺ sonra qorxu namazının hökmünün ləğv olduğunu demişlər. Lakin bu fikir zəifdir. Belə deyənlərin sözü Uca Allahın “Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir” (“Tövbə”, 103) ayəsinə əsaslanaraq Peyğəmbərdən ﷺ sonra zəkat verməkdən imtina edənlərin sözünə oxşayır. Onlar deyirdilər: “Biz zəkatı Peyğəmbərdən başqa heç kimə vermirik. Zəkatı özümüz çıxarıb məsləhət bildiyimiz kəslərə (ayədə qeyd olunduğu kimi) duası bizim üçün təskinlik olan kəslərə veririk”. Bununla belə, səhabələr onların bu sözünü rədd etmiş, gətirdikləri dəlili qəbul etməmiş, onları zəkat verməyə məcbur etmiş, verməyənlərlə isə vuruşmuşlar.
 
Bu namazın necə qılınmasını izah etməmişdən əvvəl ayənin nazilolma səbəbini qeyd edək:
 
İmam Əhməd Əbu Ayyəş əz-Zuraqinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə Usfan adlanan bir yerdə müşriklərlə qarşılaşdıq. Onlara Xalid ibn əl-Valid başçılıq edirdi. Müşriklər bizimlə Qiblə arasında idilər. Bu vaxt Peyğəmbər ﷺ bizə Zöhr namazını qıldırırdı. Müşriklər təəssüf edərək dedilər: “Müsəlmanlar elə vəziyyətdə idilər ki, biz onlara hücum edə bilərdik”. Sonra arxayınlıqla “İndi isə onları özlərindən də, övladlarından da çox sevdikləri Əsr namazı gözləyir” dedilər. Zöhrlə Əsr namazlarının arasında Cəbrail bu ayəni gətirdi: “Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun...” Əsr namazının vaxtı çatdıqda Peyğəmbər ﷺ səhabələrinə silahlarını götürməyi əmr etdi. Biz Peyğəmbərin ﷺ arxasında iki səfə düzüldük. Sonra Peyğəmbər ﷺ ruku etdi, hamımız onunla birlikdə ruku etdik. Peyğəmbər ﷺ başını rukudan qaldırdı, biz də hamımız rukudan qalxdıq. Sonra Peyğəmbər ﷺ arxasındakı səf ilə səcdə etdi. Digər səf isə ayaq üstə qalıb onları (səcdə edənləri) qoruyurdu. Onlar iki səcdəni edib qalxdıqdan sonra arxadakılar (səcdə etməyənlər) aşağı oturub səcdə etdilər. Ayağa qalxdıqdan sonra Peyğəmbərin ﷺ arxasındakı səf geri çəkilərək arxadakıların yerini, arxa səfdəkilər də qabağa gedərək ön səfdəkilərin yerini tutdular. Sonra Peyğəmbər ﷺ ruku etdi və hamımız onunla birlikdə ruku etdik. Sonra səcdə etdi və birinci səfdə olanlar da səcdə etdilər. Arxadakılar isə onları ayaq üstə qoruyurdular. Peyğəmbər ﷺ və birinci səfdə olanlar başlarını səcdədən qaldırdıqdan sonra, arxadakılar aşağı oturub səcdəyə getdilər. Sonra hamı başını səcdədən qaldırdı və Peyğəmbər ﷺ bizim hamımızla birlikdə salam verib namazı bitirdi. Peyğəmbər ﷺ bu namazı iki dəfə – bir dəfə Usfanda, bir dəfə də Bənu Suleym qəbiləsində qıldı”. (Əhməd (16653, 16654); Əbu Davud (1236); ət-Tabəri (10323, 10324); əl-Hakim (1/337). əl-Hakim hədisin səhih olduğunu bildirmiş, əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 16630, 16580; əd-Dəraqutni, 1777, 1798; ət-Tabərani “Mucəmul-Kəbir” 4989, 4990; Abdur-Razzəq “Musannəf” 4237. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Həmçinin hədisi Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər. Bu hədisin isnadı səhihdir və digər hədislər bunu təsdiqləyir. Bu hədislərdən biri də əl-Buxarinin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə İbn Abbas demişdir: “Peyğəmbər ﷺ namaza qalxdı, insanlar da onunla birlikdə namaza qalxdılar. Peyğəmbər ﷺ təkbir gətirdi, insanlar da onunla birlikdə təkbir gətirdilər. Peyğəmbər ﷺ ruku etdikdə onlardan bir qrup ruku etdi. Səcdə etdikdə də bir qrup onunla birlikdə səcdə etdi. Sonra Peyğəmbər ﷺ ikinci rükəti qılmaq üçün qalxdı. Səcdə edənlər qalxıb qardaşlarını qorudular. Sonra digər qrup gələrək Peyğəmbər ﷺ ilə birlikdə ruku və səcdə etdi. Onların hamısı namazda ikən bir-birlərini qoruyurdular”. (əl-Buxari, 892, 944).
İmam Əhməd Suleyman ibn Qeys əl-Yəşkuridən rəvayət etmişdir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Məhərib ibn Xasafə qəbiləsi ilə döyüşə çıxmışdı. (Bu döyüş tarix kitablarında Zətur-Riqa adı ilə də məşhurdur və hicrətin dördüncü ilində baş vermişdir. Peyğəmbərə ﷺ Bənu Sələbə və Bənu Məhərib qəbilələrinin Mədinəyə hücum etməyə hazırlaşdıqları barədə xəbər çatdı. Peyğəmbər ﷺ bu xəbəri eşitdikdə hicrətin dördüncü ilində dörd yüz nəfərlik qoşunla onlarla döyüşə çıxdı). Birdən Məhərib qəbiləsindən Ğauras ibn əl-Həris adlı biri kişi gəlib qılıncı ilə Peyğəmbərin başının üstünü kəsdi və “Səni məndən kim qurtarar?” deyə soruşdu. Peyğəmbər ﷺ “Allah” deyə cavab verdi. Kişinin qılıncı əlindən düşdü və Peyğəmbər ﷺ qılıncı götürərək “İndi səni məndən kim qurtarar?” dedi. Kişi “Pisliyə yaxşılıqla qarşılıq verənlərdən ol!” dedi. Peyğəmbər ﷺ “Allahdan başqa haqq məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik edirsənmi?” deyə soruşdu. Kişi dedi: “Xeyr, lakin səninlə döyüşməyəcəyimə və sənə qarşı döyüşən qövmümə yardım etməyəcəyimə söz verirəm”. Peyğəmbər ﷺ onu sərbəst buraxdı və o, qövmünün yanına gələrək “Buraya ən xeyirli insanın yanından gəlmişəm” dedi. Namaz vaxtı çatdıqda Peyğəmbər ﷺ qorxu namazı qıldı. Səhabələr iki qrupa ayrılmışdı. Bir qrup düşmənin qarşısında dayandı, digər qrup isə Peyğəmbərlə ﷺ birlikdə namaz qıldı. Peyğəmbər ﷺ onunla birlikdə olan qrupa iki rükət namaz qıldırdı. Sonra onlar çəkilərək düşmənin qarşısında olan qrupun yerində dayandılar. Düşmənin qarşısında olanlar gələrək Peyğəmbərlə ﷺ birlikdə iki rükət namaz qıldı. Beləcə, Peyğəmbər ﷺ dörd rükət, qruplar isə iki rükət namaz qılmış oldu”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (15252, 14987); ət-Tabəri (10325). Bax: “əl-İsabə” (5-191-192); İbn Kəsirin “Tarix” əsəri (4/84-85); “Fəthul-Bari” (7/321-325). (Əhməd Şakir). Əhməd, 15227, 15258. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
İbn Əbu Hatim Yəzid əl-Fəqirin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Cabir ibn Abdullahdan səfərdə qılınan iki rükət namazın qısaldılmış olub-olmadığını soruşdum. Cabir ibn Abdullah belə cavab verdi: “Səfərdə qılınan iki rükət namaz tamdır, qısaldılmamışdır. Qısaldılmış namaz döyüş zamanı qılınan bir rükətdir. Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə döyüşdə idik. Namaz üçün iqamə verildi. Peyğəmbər ﷺ namaza qalxdı və insanları iki dəstəyə böldü. Bir dəstə Peyğəmbərin arxasında cərgəyə düzüldü, digər dəstə isə üzü düşmənə tərəf cərgəyə düzüldü. Peyğəmbər ﷺ birinci dəstəyə bir rükət namaz qıldırdı və onlarla iki səcdə etdi. Sonra düşmənin qarşısında dayanan dəstə gəlib Peyğəmbərlə birlikdə namaz qılan dəstənin yerində dayandı. Onlar isə düşmənə tərəf dayanan dəstənin yerini aldılar. Yeni gələnlər Peyğəmbərin arxasında dayandılar. Peyğəmbər ﷺ onlara da bir rükət qıldırdı və onlarla iki səcdə etdi. Sonra Peyğəmbər ﷺ oturub salam verdi. Həm arxasında olanlar, həm də digərləri salam verdilər. Beləcə, Peyğəmbər ﷺ iki rükət, hər iki dəstə isə bir rükət namaz qılmış oldu”. Sonra Cabir Uca Allahın “Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun...” ayəsini oxudu”. (İbn Əbu Hatim, 5898).
İmam Əhməd Yəzid əl-Fəqirin belə dediyini rəvayət etmişdir: “Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər ﷺ onlara qorxu namazı qıldırdı. Bir dəstə Peyğəmbərin qarşısında, digər dəstə isə arxasında cərgəyə düzüldü. Peyğəmbər ﷺ arxasında olanlara iki səcdədən ibarət bir rükət qıldırdı. Sonra onlar qabağa keçərək yoldaşlarının yerində dayandılar. Digərləri də gələrək onların yerində dayandılar. Peyğəmbər ﷺ onlara da iki səcdədən ibarət bir rükət qıldırdı və salam verdi. Beləliklə, Peyğəmbər ﷺ iki rükət, onlar isə bir rükət qılmış oldu”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. Hədis Cabirdən (Allah ondan razı olsun) müxtəlif yollarla rəvayət edilmişdir. Həmçinin bu hədis başqa yolla və başqa bir mətnlə Muslimin “Səhih” əsərində də yer almışdır. Hədisi “Səhih”, “Sunən” və “Musnəd” əsərlərində çox sayda insan Cabirdən rəvayət etmişlər. (Əhməd (14488) Ətadan, o da Cabirdən, (15079) Əbu Zubeyrdən, o da Cabirdən, (14986) Əbu Sələmədən, o da Cabirdən rəvayət etmişlər. Həmçinin Muslim də rəvayət etmişdir (1/231). (Əhməd Şakir). Əhməd (14229); ət-Tabəri (10340). (Əhməd Şakir). Əhməd, 14280, 14216, 14229; ən-Nəsəi “Sunən” 1527, 1545, 1556. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Ömər (Allah ondan razı olsun) Uca Allahın “Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun...” ayəsi barədə belə demişdir: “Bu, qorxu namazıdır. Bir dəstə düşmənin qarşısında dayanarkən Peyğəmbər ﷺ ikinci dəstəyə bir rükət qıldırdı. Sonra düşmənin qarşısında dayanan dəstə gəldi və Peyğəmbər ﷺ onlara ikinci rükəti qıldırdı. Sonra hamısı ilə birlikdə salam verdi. Sonra hər dəstə qalxıb daha bir rükət qıldılar”. Bu hədis hədis kitablarında bir çox səhabədən müxtəlif yollarla rəvayət edilmişdir. (Əhməd (6351); Muslim (1/230). Lakin onlar hədisin əvvəlində ayəni zikr etməmişlər. (Əhməd Şakir). İbn Əbu Hatim, 5900; Muslim, 1385, 1979).
Qorxu namazında silah daşımağın əmr edilməsinə gəlincə, bir qrup alim ayənin zahirinə görə bunun vacib olduğunu demişdir. əş-Şafiinin iki rəyindən biri belədir. Həmçinin Uca Allahın “Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə günah yoxdur, lakin ehtiyatınızı əldən verməyin” ayəsi də buna dəlalət edər. Yəni hazırlıqlı olun, əgər silaha ehtiyac duysanız, özünüzü çətinliyə salmadan üstünüzdə gəzdirin. “Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır”.
 
ən-Nisa, 103-104
فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ فَإِذَا اطْمَأْنَنْتُمْ فَأَقِيمُوا الصَّلَاةَ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا (103) وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ إِنْ تَكُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا يَرْجُونَ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
103. Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə namazı lazımi qaydada qılın. Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir.
104. Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir.
 
Uca Allah bu ayələrdə qorxu namazından sonra Allahı çox zikr etməyi əmr edir. Şəriətdə digər namazlardan sonra da Allahı zikr etmək buyurulmuş və bu əmələ təşviq edilmişdir. Lakin qorxu namazından sonra Allahı zikr etmək qəti şəkildə əmr olunmuşdur. Çünki qorxu namazının əhkamlarında olan asanlıq, namaz əsnasında hərəkət etmək imkanı və buna bənzər rüsxətlər (qibləyə çevrilmənin şərt olmaması, bir rükət qılınması və s.) digər namazlarda yoxdur. Uca Allahın haram aylar barədə: “Odur ki bu aylarda özünüzə zülm etməyin!” (“Tövbə”, 36) deməsi buna bənzəyir. Əslində, haram olmayan aylarda da insanın özünə zülm etməsi qadağandır, lakin bu aylarda zülm etməyin xüsusilə qadağan olunması, bu ayların əzəmətli və hörmətli olmasına görədir. Bu səbəbdən Uca Allah buyurur: “Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin”, yəni digər hallarda da Allahı yad edin.
Sonra Uca Allah buyurur: “Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə”, yəni təhlükə aradan qalxıb arxayınlığa çıxdıqda “namazı lazımi qaydada qılın”, yəni namazı tam olaraq qəlbən Allaha yönəlməklə, sizə əmr edildiyi şəkildə əhkamlarını, səcdələrini, rukularını və bütün hərəkətlərini tam yerinə yetirməklə qılın.
Uca Allah buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni vacib edilmişdir”. İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Həccin bəlli vaxtı olduğu kimi, namazların da bəlli vaxtları vardır”. Mucahid, Səlim ibn Abdullah və başqalarından da belə rəvayət edilmişdir. Zeyd ibn Əsləm demişdir: “Yəni müxtəlif vaxtlarda fərz olmuşdur. Birinin vaxtı bitdikdə, digərinin vaxtı girir”.
Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin”, yəni düşmənlərinizi axtarmaqda zəiflik göstərməyin, əksinə, bu işdə ciddi olun, onlarla döyüşün və onlara hər yerdə pusqu qurun. “Əgər siz döyüşdə ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər”, yəni sizlərdən yaralanan və ölənlər olduğu kimi, onlardan da yaralanan və ölənlər olur. Başqa bir ayədə Uca Allah buyurur: “Əgər siz Uhud döyüşündə yara almışsınızsa, əlbəttə, düşməniniz olan o qövm də bu cür yara almışdı” (“Ali-İmran”, 140).
Sonra Uca Allah buyurur: “Fəqət siz onların ummadıqlarını Allahdan umursunuz”, yaralanma və ağrıçəkmə baxımından siz və onlar eynisiniz, lakin siz Allahdan mükafat, zəfər və yardım gözləyirsiniz. Onlar isə bunlardan heç birini gözləmirlər. Odur ki siz döyüşməyə onlardan daha layiqsiniz. Siz Allahın dinini yaşatmağı və ucaltmağı daha çox istəyirsiniz. “Allah hər şeyi biləndir, hikmət sahibidir”, yəni Allah Öz iradəsinə uyğun təyin etdiyi və həyata keçirtdiyi şəriət və kainat hökmlərində (Şəriət hökmləri – Uca Allahın qullarından yerinə yetirməsini tələb etdiyi şəriət əhkamlarıdır. Məsələn, namaz qılmaq, oruc tutmaq, haramları tərk etmək və s. Şəriət hökmlərinin hamısı Allahın sevib, razı qaldığı əməllərdir. Şəriət hökmlərinə əməl etməyənlər də var. Məsələn, Uca Allah qullarına namaz qılmağı buyurmuşdur, buna baxmayaraq, namaz qılmayan qullar var. Kainat hökmləri isə Uca Allahın kainatda baş verməsinə qərar verdiyi hadisələrədir və bu hadisələrin baş verməsi mütləqdir. Kainatda baş verən hadisələrin hamısı heç də Allahın sevib və razı qaldığı hadisələr olmur. Bu hadisələr həm Allahın sevib razı qaldığı, həm də sevmədiyi və razı qalmadığı hadisələr ola bilər. Allahın sevmədiyi hadisələrin baş verməsi Allahın bildiyi gizli və ya aşkar hikmətə görədir. Hər bir halda bu hadisələrin baş verməsi ilə xeyir nəzərdə tutulmuşdur). hikmət və elm sahibidir. Hər bir halda tərifə layiq olan yalnız Odur.
 
ən-Nisa, 105-109
إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ وَلَا تَكُنْ لِلْخَائِنِينَ خَصِيمًا * وَاسْتَغْفِرِ اللَّهَ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا * وَلَا تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنْفُسَهُمْ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ خَوَّانًا أَثِيمًا * يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَى مِنَ الْقَوْلِ وَكَانَ اللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا * هَا أَنْتُمْ هَؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَنْ يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَمْ مَنْ يَكُونُ عَلَيْهِمْ وَكِيلًا
105. Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi kimi insanlar arasında hökm verəsən. Odur ki xainlərin tərəfini tutma.
106. Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
107. Özlərinə xəyanət edənləri müdafiə etmə. Şübhəsiz ki, Allah xain günahkarı sevməz.
108. Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən, onu insanlardan gizlətsələr də, öz yanlarında olan Allahdan gizlədə bilməzlər. Allah onların nə etdiklərini əhatə edir.
109. Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq?
 
Uca Allah bu ayədə elçisi Muhəmmədə ﷺ xitab edərək “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik” buyurur. Yəni bu Kitab Allah tərəfindən gələn bir haqdır və onda olan xəbərlər və hökmlər yalnız haqqı ehtiva etmişdir.
Uca Allah buyurur: “Allahın sənə göstərdiyi kimi insanlar arasında hökm verəsən”. Üsul-fiqh (Üsul-fiqh elmi – şəriətin buyurduğu əməli ibadətlərin (namaz, zəkat, oruc, həcc və s.) əhkamlarını (halal, haram, məkruh və s.) ümumi şəkildə öyrənən elmdir). alimlərindən bəziləri bu ayəyə əsaslanaraq Peyğəmbərin ﷺ öz şəxsi rəyi ilə də hökmvermə haqqı olduğunu demişlər. Bu fikirdə olanlar həmçinin əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət edilən bu hədisi dəlil gətirmişlər. Ummu Sələmə rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ evinin qapısının yanında mübahisə edən adamların səsini eşitdi və onların yanına çıxıb dedi: “Mən, sadəcə, bir insanam. Hərçənd mübahisələri düşmüş insanlar mübahisələrini çözmək üçün mənim yanıma gəlirlər, lakin olur ki, biriniz sübut gətirərkən digərinizdən daha bəlağətlə danışır və mən də onun doğru danışdığını hesab edirəm. Bu səbəbdən də hökmü onun lehinə çıxarıram. Əgər mən səhvən bir müsəlmanın haqqını başqa birisinə verirəmsə, əslində, mən ona Cəhənnəm odundan bir parça vermiş oluram. Bundan sonra isə özü bilər, istər onu götürsün, istərsə də tərk etsin”. (əl-Buxari (5/77, 12/299-300, 13/139, 151, 152, 156 Fəthul-Bari); Muslim (2/40). (Əhməd Şakir). əl-Buxari, 2278, 2458, 6645, 7181; Muslim, 3232, 4572).
İmam Əhməd Ummu Sələmənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə ənsarlardan olan iki kişi aralarında olub keçmiş bir miras məsələsində mühakimə olunmaq üçün Peyğəmbərə ﷺ müraciət etdilər. Heç birinin də dediyinin sübutu yox idi. Peyğəmbər ﷺ dedi: “Siz mühakimə olunmaq üçün mənə müraciət etmisiniz. Mən, sadəcə, bir insanam. Bəzən biriniz sübut gətirərkən digərinizdən daha fərasətli olur və mən də onun doğru danışdığını hesab edib, eşitdiyimə əsasən aranızda hökm verirəm. Əgər mən sizlərdən birinə səhvən müsəlman qardaşının haqqını verirəmsə, qoy onu götürməsin! Çünki, əslində, mən ona Cəhənnəm odundan bir parça vermiş oluram. Qiyamət günü o adam, götürdüyünü boynunda bir od maşası şəklində gətirəcəkdir”. Peyğəmbər ﷺ belə dedikdə hər ikisi ağladı və hər biri digərinə “Haqqım qardaşımındır” dedi. Peyğəmbər ﷺ dedi: “Madam ki belə dediniz, o halda gedin, mirası aranızda bölün və ədalətli olun. Əgər bölüşə bilmədiyiniz bir şey olsa, püşk atın. Sonda bir-birinizlə halallaşın!” (Əhməd, 26717, 26760, 27253. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 455). Həmçinin hədisi Əbu Davud rəvayət etmiş və bu cümləni əlavə etmişdir: “Mənə vəhy gəlməyən xüsuslarda mən sizin aranızda öz rəyimlə hökm verirəm”. (Əhməd (6/320 Hələbi nəşri); Əbu Davud (3584, 3585). (Əhməd Şakir). Əbu Davud, 3585, 3587. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 3770).
[ət-Tirmizi “Sunən” əsərində və İbn Cərir “Təfsir” kitabında bu ayələrin təfsirində Qatədə ibn ən-Numanın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Bizim aramızda ənsarlardan olan bir ailə var idi. Bu ailəyə Ubeyriq oğulları deyilirdi. Həmin ailədən olan bir kişini Bişr, Buşeyr və ya Mübəşşir deyə çağırardılar. Buşeyr münafiq idi. O, Peyğəmbərin ﷺ səhabələrini pisləyən şeirlər deyər, sonra bu şeirləri yalandan köhnə şairlərdən birinə nisbət edərək “Filan şair belə-belə dedi” deyərdi. Peyğəmbərin ﷺ səhabələri bu şeiri eşitdikdə “Allaha and olsun ki, bu şeiri bu xəbisdən başqası deməz. Bunu desə-desə, ancaq Ubeyriq oğullarından bu kişi deyər” deyərdilər. Bu ailə həm cahiliyyət, həm də İslam dövründə ehtiyac içində, yoxsul bir vəziyyətdə yaşayırdılar. Mədinə əhalisinin o dövrdə yeməkləri, əsasən, xurma və arpadan ibarət idi. Bənu Ubeyriq ailəsindən olan bir kişi pulu olduğu vaxt Şamdan ağ un yüklü karvan gəldikdə onlardan un alar və yalnız özü yeyərdi. Qadın və uşaqların yedikləri isə yenə arpa və xurma olurdu. Bir dəfə Şamdan bir karvan gəldi, əmim Rifəa ibn Zeyd bir miqdar ağ un alıb anbarına qoydu. O anbarda eyni zamanda silah, zireh və qılınc da var idi. Kimsə evin altından girib anbardakı yemək və silahı oğurlamışdı. Səhər açıldıqda əmim Rifəa mənim yanıma gəlib dedi: “Ey qardaşoğlu, gecə evimizə oğru girib. Anbarımız açılıb, içərisindəki un və silah aparılıb”. Biz qəsəbə sakinlərindən soruşub araşdırdıq. Onlar dedilər: ”Ubeyriq oğulları bu gecə od qalamışdılar. Ola bilsin sizdən oğurladıqları yeməyi bişirirdilər”. Biz Ubeyriq oğullarından da soruşduq. Onlar “Allaha and olsun ki, axtardığınız adamın Ləbid ibn Səhl olduğu qənaətindəyik” dedilər. Halbuki Ləbid dindar və əməlisaleh bir kişi idi. Ləbid onun barəsində deyiləni eşitdikdə qılıncını çəkib dedi: “Mən oğurlamışam? Allaha and olsun ki, ya bu oğurluğun üstünü açacaqsınız, ya da bu qılınc işə qarışacaq”. İnsanlar ona dedilər: “Ey kişi, sən kənara çəkil! Bu iş sənə aid deyil”. Qəsəbədə bu məsələni o qədər araşdırdıq ki, artıq Ubeyriq oğullarından birinin bu oğurluqda əli olmasından şübhəmiz qalmadı. Əmim dedi: “Ey qardaşoğlu, bəlkə, Peyğəmbərin ﷺ yanına gedib vəziyyəti ona izah edəsən!” Qatadə dedi: “Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, bizdən qonşularına əziyyət verən bir ailə, əmim Rifəa ibn Zeydin anbarını yarmışdır. Oradan silah və qida məhsullarını oğurlamışdır. Qida məhsullarını istəmirik, heç olmasa, silahımızı versinlər”. Peyğəmbər ﷺ dedi: “Narahat olmayın. Bu məsələ ilə əlaqəli lazım olan əmri verəcəyəm”. Ubeyriq oğulları bizim Peyğəmbərə ﷺ müraciət etdiyimizi eşitdikdə, özlərindən olan Useyr ibn Urvə adlı bir kişinin yanına gəlib məsələni ona danışdılar. Qəsəbədən bir neçə nəfəri başlarına yığıb Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ey Allahın Elçisi, Qatədə ibn ən-Numan və əmisi bizdən əməlisaleh və yaxşı bir müsəlman olan kimsəni heç bir dəlil-sübut olmadan oğurluqda ittiham edirlər”. Qatədə dedi: “Mən Peyğəmbərin ﷺ yanına gəlib məsələni danışdım. Peyğəmbər ﷺ mənə dedi: “Siz müsəlman olan bir ailəni dəlil-sübut olmadan oğurluqda ittiham edirsiniz”. Mən kor-peşman qayıtdım və öz-özümə “Kaş ki malımın çoxu əlimdən gedərdi, amma bu məsələni Peyğəmbərə ﷺ danışmazdım” dedim. Əmim Rifəa mənim yanıma gəlib “Ey qardaşoğlu, nə etdin?” deyə soruşdu. Mən də ona Peyğəmbərin ﷺ mənə nə dediyini bildirdim. O “Allahdan kömək diləmək lazımdır!” dedi. Çox keçmədən bu barədə Quran ayəsi nazil oldu: “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi kimi insanlar arasında hökm verəsən. Odur ki xainlərin tərəfini tutma”, yəni Bənu Ubeyriq qəbiləsinin. “Allahdan bağışlanma dilə!”, yəni Qatədəyə dediklərinə görə, “Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. Özlərinə xəyanət edənləri müdafiə etmə. Şübhəsiz ki, Allah xain günahkarı sevməz. Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən, onu insanlardan gizlətsələr də, öz yanlarında olan Allahdan gizlədə bilməzlər. Allah onların nə etdiklərini əhatə edir. Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq? Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər”, yəni əgər Allahdan bağışlanma diləsələr, Allah onları bağışlayar. “Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir”. Ləbid barədə isə bu ayə nazil oldu: “Kim xəta edər və ya günah qazanar, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar. Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq istəyəcəkdi. Halbuki onlar özlərindən başqasını azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı və hikməti nazil etdi və sənə bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Yalnız sədəqə verməyi və ya yaxşılıq etməyi, yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin gizli danışması istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik” (“ən-Nisa”, 105-114). Quranın bu ayələri nazil olduqda, oğurlanmış silah gətirilib Peyğəmbərə ﷺ verildi. O da silahı Rifəaya qaytardı. Qatədə dedi: “Mən silahı əmimə gətirdikdə cahiliyyə dövründə gözü zəifləmiş və yaşlanmış bir qoca idi. Mən hətta onun İslamda olmağına da şübhə ilə yanaşırdım. Silahla yanına gəldikdə “Ey qardaşoğlu, mən o silahı Allah yolunda verirəm” dedi. Belə dedikdə, onun İslamı səmimi olaraq qəbul etdiyini anladım. Bu məsələ ilə əlaqəli Quran ayələri nazil olduqda Buşeyr qaçıb müşriklərə qoşuldu və Suləfa bint Sad ibn Sumeyyənin yanına gedib onlara sığındı. Uca Allah bu ayələri nazil etdi: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmə giriftar edərik. Ora nə pis dönüş yeridir. Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür” (“ən-Nisa”, 115-116). Buşeyr Suləfa bint Sad ibn Sumeyyənin yanına getdikdən sonra İslam şairi Həssən ibn Səbit o qadını bir neçə beytlə məzəmmət etdi. Bundan sonra qadın Buşeyrin əşyalarını götürüb başının üzərinə qoydu və əl-Əbtah adlanan yerə atıb dedi: “Gəlişinlə Həssənin şeirini mənə hədiyyə etdin. Səndən heç bir xeyir görmədim”.] (ət-Tirmizi, 3036, 3310; ət-Tabərani “Mucəmul-Kəbir” 15358. Hədis həsəndir. Əhməd Şakir ixtisar edərkən bu hədisi kitabdan çıxarmışdır. Ola bilsin, o bu hədisi zəif gördüyünə görə ixtisar etmişdir. Lakin, qeyd etdiyimiz kimi, hədis həsəndir və “ən-Nisa” surəsinin 105-115-ci ayələrinin nazilolma səbəbinə dəlalət edir).
Uca Allah buyurur: “Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən onu insanlardan gizlətsələr də, öz yanlarında olan Allahdan gizlədə bilməzlər”. Bu ayə münafiqlərə qarşı bir inkardır. İnsanların qınağından qorxaraq qəbahətlərini insanlardan gizlədən münafiqlər, əslində, bu qəbahətlərini Allaha açıqlayırlar. Çünki Allah onların sirlərindən xəbərdar və qəlblərindən keçənlərdən agahdır. Bu səbəbdən Uca Allah “Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən onu insanlardan gizlətsələr də, öz yanlarında olan Allahdan gizlədə bilməzlər. Allah onların nə etdiklərini əhatə edir” buyurur. Bu da onlar üçün bir təhdid və qorxutmadır.
Sonra Uca Allah buyurur: “Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək?”, yəni tutaq ki, münafiqlərin üzdə göstərdiklərinə əsasən onların zahiri əməllərinə uyğun hökm edən hakimlər verdikləri hökmlə Allaha yaxınlaşdıqlarını sanaraq dünyada onların lehinə bir hökm çıxartdılar və onlar mühakimədə qələbə çaldılar. Bəs Qiyamət günü hər bir sirri, hətta bundan daha gizli olanı bilən Allahın hüzurunda nə edəcəklər? Onların iddialarını qaldırmaq üçün kim vəkillik edəcək? O gün heç kim onlara vəkil olmayacaq. Bu səbəbdən Uca Allah ayənin sonunda “yaxud onlara kim vəkil olacaq?” buyurur.
 
ən-Nisa, 110-113
وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا * وَمَنْ يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَى نَفْسِهِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا * وَمَنْ يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُبِينًا * وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّتْ طَائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِنْ شَيْءٍ وَأَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا
110. Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər.
111. Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir.
112. Kim xəta edər və ya günah qazanar, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar.
113. Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq istəyəcəkdi. Halbuki onlar özlərindən başqasını azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı və hikməti nazil etdi və sənə bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
 
Uca Allah bu ayədə səxavətli olduğunu bildirərək edilən günahın növündən asılı olmayaraq, tövbə edənin tövbəsini qəbul edəcəyini xəbər verir və buyurur: “Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər”.
İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə belə demişdir: “Uca Allah bu ayədə qullarına qarşı həlim, əfv edən, səxavətli, geniş mərhəmətə və məğfirətə sahib olduğunu xəbər verir. Kiçik və ya böyük olmasından asılı olmayaraq, kim günah bir iş görər, “sonra da Allahdan bağışlanma diləyərsə”, etdiyi günahlar göylərdən, yerdən və dağlardan böyük olsa belə, “Allahın bağışlayan, rəhmli olduğunu görər”. Hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (10424). (Əhməd Şakir). ət-Tabəri, 10424, 10489).
Həmçinin İbn Cərir Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “İsrail oğullarından kimsə bir günah işlədikdə səhər bu günahının kəffarəsini qapısına yazılmış görərdi. Paltarına sidik (və ya nəcis) bulaşdıqda nəcis dəyən yeri qayçı ilə kəsib atardı. Bir dəfə bir kişi dedi: “Allah İsrail oğullarına, həqiqətən, xeyir vermişdir”. Abdullah belə dedi: “Allah sizə onlara verdiyindən daha xeyirlisini vermiş və suyu sizə təmizləyici vasitə etmişdir. Uca Allah “O kəslər ki bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər” (“Ali-İmran”, 135) və “Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər” buyurur”. (ət-Tabəri (10422). İsnadı səhihdir. əs-Suyuti (2/219) əlavə olaraq hədisi Abd ibn Humeydə, ət-Tabəraniyə və əl-Beyhəqinin “Şuab” əsərinə nisbət etmişdir. əl-Heysəmi hədisi “əz-Zəvaid” əsərində ət-Tabəraninin rəvayəti ilə qeyd etmiş və demişdir: “Hədisi rəvayət edənlər “Səhih” əsərində adları keçən ravilərdir, lakin İbn Sirin İbn Məsuddan hədis eşitməmişdir”. Çünki o, İbn Məsuddan hədis eşitməsi üçün çox kiçik olub. Lakin ət-Tabərinin isnadı bitişikdir. ət-Tabəri hədisi Əbu Vaildən, o da İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 10487).
Yenə İbn Cərir Həbib ibn Əbu Sabitin belə dediyini rəvayət etmişdir: “Bir qadın Abdullah ibn Muğaffəlin yanına gələrək ondan zina edən, bu zinadan hamilə qalan, doğduqdan sonra isə uşağını öldürən bir qadının halı barədə soruşdu. Abdullah ibn Muğaffəl “Beləsinin halı necə olsun? O, Cəhənnəmə düşəcək” dedi. Qadın ağlayaraq çıxıb getdi. Abdullah ibn Muğaffəl onu çağırıb dedi: “Sənin halın bu ikisindən (Cəhənnəm və ya bağışlanma) biridir”. Sonra Uca Allahın “Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər” ayəsini oxudu. Qadın gözlərinin yaşını silərək getdi”. (ət-Tabəri (10423). İsnadı səhihdir. Qardaşım Mahmud Şakir demişdir: “Bu hədis gözəl xüsusiyyətlərə – dini biliyə, düşüncəyə, dünyəvi işlərdə insanlara nəsihətə dəlalət edən hədislərdən biridir”. Mən deyirəm: “Həbib ibn Əbu Sabit və Abdullah ibn Muğaffəl qadını zina etməkdə ittiham etməmişlər. Çünki onlar qadının kimliyini bildirmədilər. Həmçinin Abdullah ibn Muğaffəl qazi deyildi ki, qadına hökm kəssin. Sadəcə, ona qardaş kimi nəsihət etdi. Bu, böyük alimlərə xas olan bir xüsusiyyətdir. Allah onlardan razı olsun!” (Əhməd Şakir). ət-Tabəri, 10488).
İmam Əhməd Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbərdən ﷺ bir hədis eşitdiyim zaman Allah məni istədiyi qədər bu hədisdən faydalandırardı. Bir dəfə Əbu Bəkr mənə Peyğəmbərdən ﷺ belə eşitdiyini xəbər verdi və o, doğru söyləmişdir: “Günah edən elə bir kəs yoxdur ki, dərhal gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılsın və namazında Uca Allahdan bağışlanma diləsin, Allah da onun günahlarını bağışlamasın”. Sonra Əli Uca Allahın bu iki ayəsini oxudu: “O kəslər ki bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər” (“Ali-İmran”, 135) və “Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər”. (Əhməd (47). Bu hədis “Ali-İmran” surəsinin 130-136-cı ayələrinin təfsirində keçmişdir. “əl-Musnəd” (2). Həmçinin, “ən-Nisa” surəsinin 43-cü ayəsinin təfsirində bu hədisə işarə olunmuşdur. (Əhməd Şakir). İbn Məcə, 1144, 1395. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1324).
Uca Allahın “Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar” ayəsi, bu ayəyə bənzəyir: “Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz” (“Fatir”, 18). Yəni heç kimin günahı başqasının üzərinə yüklənməz. Hər kəsin etdiyi günah öz əleyhinədir. Onun əvəzinə bu günahı heç kim daşımaz. Bu səbəbdən Uca Allah ayənin sonunda “Allah hər şeyi biləndir, hikmət sahibidir” buyurur. Yəni bu, Onun elminə, hikmətinə, ədalətinə və rəhmətinə görədir.
Sonra Uca Allah buyurur: “Kim xəta edər və ya günah qazanar, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar”. Bu ayədəki məzəmmət və qınaq bu xüsusiyyətə malik olan hər kəsə aiddir.
Sonra buyurur: “Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq istəyəcəkdi. Halbuki onlar özlərindən başqasını azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər”.
Sonra Uca Allah Peyğəmbərinə ﷺ Öz nemətini xatırladaraq onu bütün hallarda qüvvətləndirdiyini, səhvlərdən qoruduğunu, ona Kitabı – Quranı və Hikməti – sünnəni (hədisləri) nazil etdiyini bildirir. “Sənə bilmədiklərini öyrətdi”, yəni Quran nazil olmamışdan əvvəl bilmədiklərini sənə öyrətdi. Bu ayə, Uca Allahın bu ayələrinə bənzəyir: “Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün bir nur etdik. Həqiqətən, sən onları doğru yola – göylərdə və yerdə olanların sahibi Allahın yoluna yönəldirsən. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır” (“əş-Şura”, 52-53), “Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki heç vaxt kafirlərə arxa olma!” (“əl-Qəsəs”, 86). Bu səbəbdən ayənin sonunda “Allahın sənə olan lütfü böyükdür” buyurur.
 
ən-Nisa, 114-115
لَا خَيْرَ فِي كَثِيرٍ مِنْ نَجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ وَمَنْ يَفْعَلْ ذَلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا * وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا
114. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Yalnız sədəqə verməyi və ya yaxşılıq etməyi, yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin gizli danışması istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.
115. Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmə giriftar edərik. Ora nə pis dönüş yeridir.
 
Uca Allah buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur”, yəni insanların gizli danışıqlarının çoxunda xeyir yoxdur. ”Yalnız sədəqə verməyi və ya yaxşılıq etməyi, yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin gizli danışması istisnadır”, yəni yalnız bu məqsədlər üçün gizli danışan istisnadır. Necə ki İbn Mərdəveyh Ummu Həbibədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Yaxşılığı əmr edib, pis işlərdən çəkindirmək və Allahı zikr etməkdən başqa, Adəm oğlunun danışdığı hər söz onun lehinə deyil, əleyhinədir”. Hədisi rəvayət edənlərdən Muhəmməd ibn Yəzid (Sufyan əs-Səuriyə) dedi: “Bu hədis necə də şiddətlidir!” Sufyən əs-Səuri dedi: “Burada şiddətli nə var ki? Onu bir qadın (Safiyyə bint Şeybə) başqa bir qadından (Ummu Həbibədən) rəvayət etmişdir. Bu xüsus Allahın Peyğəmbərə ﷺ göndərdiyi Kitabdadır. Məgər sən Uca Allahın Öz Kitabında “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Yalnız sədəqə verməyi və ya yaxşılıq etməyi, yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin gizli danışması istisnadır” buyurduğunu eşitməmisənmi? Bu ayə həmin hədislə eyni mənadadır. Yoxsa Uca Allahın “Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün ər-Rahmənin izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq” (“ən-Nəbə”, 38) buyurduğunu eşitməmisənmi? Bu ayə də, həmin hədislə eyni mənadadır. Yaxud Uca Allah Kitabında “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa” (“əl-Əsr”) buyurduğunu eşitməmisənmi? Bu surə, həmin hədisin eynisidir”. (İbn əl-Arabi “Mucəm” 340; ət-Tirmizi, 2412, 2595; Əbu Yəalə, 7134. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1366). Bu hədisi ət-Tirmizi və İbn Məcə rəvayət etmiş, lakin Sufyan əs-Səurinin sözlərini qeyd etməmişlər. ət-Tirmizi hədisin “ğarib” olduğunu bildirmişdir.
İmam Əhməd rəvayət etmişdir ki, Ummu Gülsüm bint Uqbə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “İnsanların arasını düzəltmək məqsədilə yalan danışan və xeyirə səbəb olan adam yalançı deyil”. Həmçinin Ummu Gülsüm demişdir: “Peyğəmbərin ﷺ yalnız bu üç halda yalan danışmağa icazə verdiyini eşitmişəm: “Döyüşdə düşmənə deyilən, habelə insanların arasını düzəltmək üçün deyilən və bir də kişinin öz zövcəsinə və ya qadının öz ərinə aralarındakı məhəbbəti artırmaq məqsədilə dediyi yalan/*Kişinin öz zövcəsinə dediyi yalana gəlincə, buna ər-arvad arasındakı ülvi məhəbbətin artması üçün onlardan birinin digərini həddən ziyadə tərif etməsini misal göstərmək olar).”. Ummu Gülsüm bint Uqbə Peyğəmbərə ﷺ beyət edən mühacir qadınlardan idi”. Hədisi İbn Məcə istisna olmaqla bir çox hədis müəllifləri rəvayət etmişlər. (“əl-Musnəd” (6/403 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 27313. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 545).
İmam Əhməd Əbu Dərdədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sizə namazdan, orucdan və sədəqədən dərəcə etibarilə daha üstün olan bir əməl barədə xəbər verimmi?” Səhabələr “Bəli” deyə cavab verdilər. Peyğəmbər ﷺ dedi: “Bu, küsülü olan iki nəfəri barışdırmaqdır! İki adamın arasını vurmaq isə dini kökündən qoparır”. Hədisi Əbu Davud və ət-Tirmizi də rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. (“əl-Musnəd” (6/444-445 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 27548, 28058; Əbu Davud, 4919, 4921; ət-Tirmizi, 1938, 2063. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir).
Bu səbəbdən Uca Allah buyurur: “Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə”, yəni kim bunu xalis Allah üçün, mükafatını Allahdan umaraq edərsə, “Biz ona böyük mükafat verərik”, yəni kifayət qədər çox savab verərik.
Uca Allah buyurur: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb”, yəni kim özünə haqq açıq-aydın bəlli olduqdan sonra bilərəkdən Peyğəmbərin ﷺ gətirdiyi şəriət yolundan başqasına uyarsa, belə ki, o bir tərəfdə, şəriət isə başqa bir tərəfdə olarsa.
Uca Allah buyurur: “möminlərin yolundan başqa bir yolla gedərsə”. Bu, birinci vəsfin (Peyğəmbərə ﷺ qarşı çıxmağın) ayrılmaz bir parçasıdır. Bəzən şəriətin buyurduğu əmrə qarşı çıxılır, bəzən isə Muhəmməd ﷺ ümmətinin (alimlərinin) yekdilliklə ittifaq etdikləri bir məsələyə qarşı çıxılır. Çünki Muhəmməd ﷺ ümməti yekdilliklə ittifaq etdikləri bir məsələdə səhv etməkdən məsumdur. Bu xüsusiyyət, bu ümmətin digər ümmətlərdən daha şərəfli, Peyğəmbərinin ﷺ isə digər peyğəmbərlərdən daha hörmətli olmasına görədir. Bu barədə bir çox səhih hədislər varid olmuşdur. Bu hədislərdən bir qismini “Əhədisul-Usul” (“Əhədisul-Usul” kitabı barədə məlumat yoxdur. Hansı kitab nəzərdə tutulduğu da bilinmir. (Əhməd Şakir). kitabında qeyd etmişik. (Bu hədislərdən biri də Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət edilir. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, Uca Allah mənim ümmətimi zəlalət üzərində həmrəy etməz. Allahın Əli camaatın üzərindədir”. (ət-Tirmizi, 2167, 2320). Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1848). Bəzi alimlər bu hədisin məna etibarilə təvatur (Təvatur dərəcəsində olan hədis yalan danışacaqları təsəvvür olunmayan, isnadın əvvəlindən axırınadək bir toplumun digərindən rəvayət etdiyi hədisdir). dərəcəsində olduğunu demişlər. İmam əş-Şafii uzun araşdırmadan sonra bu qənaətə gəlmişdir ki, bu ayə alimlərin icmasına qarşı çıxmağın haram olmasına dəlildir. İmam əş-Şafiinin bu qənaəti çox gözəl və qüvvətlidir. Baxmayaraq ki, bəzi alimlər bunun dəlildən uzaq olduğunu və uyğun olmadığını demişlər.
Bu səbəbdən Uca Allah “onu üz tutduğu yola yönəldər və Cəhənnəmə giriftar edərik. Ora nə pis dönüş yeridir” buyuraraq belə edənləri təhdid edir. Yəni möminlərin yolundan başqa yol tutana, cəza olaraq qəlbində bu yolu bəzəyərik ki, özünün də bilmədiyi bir yerdən tədricən tovlayıb məhvə aparaq. Uca Allahın bu ayələrdə buyurduğu kimi: “Bu Sözü (Quranı) yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik” (“əl-Qələm”, 44); “Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı” (“əs-Saff”, 5); “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik” (“əl-Ənam”, 110).
Uca Allah belə kəslərin Axirətdə dönəcəkləri yerin Cəhənnəm olacağını xəbər verir, çünki doğru yoldan çıxanın Qiyamət günü Cəhənnəmdən başqa yolu ola bilməz. Necə ki başqa ayələrdə belə buyurur: “Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və Allahdan başqa ibadət etdiklərini. Onları Cəhənnəm yoluna yönəldin” (“əs-Saffat”, 22); “Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər” (“əl-Kəhf”, 53).
 
ən-Nisa, 116-122
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا * إِنْ يَدْعُونَ مِنْ دُونِهِ إِلَّا إِنَاثًا وَإِنْ يَدْعُونَ إِلَّا شَيْطَانًا مَرِيدًا * لَعَنَهُ اللَّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَفْرُوضًا * وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِنْ دُونِ اللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُبِينًا * يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا * أُولَئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا * وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللَّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
116. Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
117. Onlar Allahı qoyub yalnız qadın adlarını daşıyan bütlərə dua edir, əslində isə yalnız üsyankar şeytana sitayiş edirlər.
118. Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.
119. Onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam, onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır.
120. Şeytan onlara vədlər verir və onları xülyalara salır. Halbuki şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.
121. Onların gedəcəkləri yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər.
122. İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Bu, Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?
 
Bu ayə barədə Uca Allahın “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur” (“ən-Nisa”, 48) ayəsinin təfsirində danışmışıq. Bu ayə ilə əlaqədar hədisləri bu surənin əvvəlində vermişik.
ət-Tirmizi Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: ”Quranda mənə Uca Allahın “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar” ayəsindən daha sevimli bir ayə yoxdur”. ət-Tirmizi bu hədisin “həsən-ğarib” olduğunu demişdir. (ət-Tirmizi (4/94). (Əhməd Şakir). ət-Tirmizi, 3311. Hədisin isnadı zəifdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3037).
Uca Allah buyurur: “Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür”, yəni Allaha şərik qoşan şəxs haqq yolunu tutmamışdır, doğru yoldan azmışdır, haqdan uzaqlaşmışdır, dünya və Axirətdə özünü həlak edərək nəfsini xəsarətə uğratmışdır, dünya və Axirət səadətini əldən vermişdir.
Uca Allah buyurur: “Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə dua edir”. İbn Əbu Hatim Ubey ibn Kəbin (Allah ondan razı olsun) bu ayə barədə belə dediyini rəvayət etmişdir: “Müşriklərin ibadət etdiyi hər bütün yanında bir qadın cin var”. (Abdullah ibn Əhməd “Zəvaidul-Musnəd” (5/135 Hələbi nəşri) əsərində rəvayət etmişdir. əl-Heysəmi “əz-Zəvaid” (7/12) əsərində qeyd etmiş və demişdir: “Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. əs-Suyuti (2/222) əlavə olaraq İbn əl-Munzirə və əd-Diyanın “əl-Muxtəra” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5970). Həmçinin İbn Əbu Hatim Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, o, ayədəki إنَاثاً [inə:sən] sözünü “qadın adları daşıyan bütlər” kimi açıqlamışdır. (İbn Əbu Hatim, 5973). Oxşar təfsir Əbu Sələmə ibn Abdur-Rahmən, Urvə ibn əz-Zubeyr, Mucahid və başqalarından da rəvayət edilmişdir.
Uca Allah buyurur: “...əslində isə yalnız üsyankar şeytana sitayiş edirlər”, yəni bunu onlara əmr edib, onlar üçün bəzəyib gözəl göstərən şeytandır. Onlar, əslində, İblisə ibadət edirlər. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir” (“Yasin”, 60). Həmçinin Uca Allah Qiyamət günü mələklərin dünyada ikən onlara ibadət etdiklərini iddia edən müşriklər haqqında belə deyəcəklərini xəbər verərək buyurur: “Xeyr, onlar, əslində, cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi” (“Səba”, 41).
Uca Allah buyurur: “Allah şeytanı lənətlədi”, yəni Allah onu Öz rəhmətindən kənar edib uzaqlaşdırmış və dərgahından qovmuşdur. O isə demişdir: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam”, yəni əzəldən müəyyən olunmuş qismini ələ alacağam. Muqatil ibn Həyyan demişdir: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu Cəhənnməmə, biri Cənnətə gedəcək”. (Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunan bu hədis Muqatil ibn Həyyanın sözünü təsdiqləyir. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü Uca Allah “Ey Adəm!” deyə buyuracaq. Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir” (“əl-Həcc”, 2). (Səhabələr) dedilər: “Ey Allahın Elçisi, hansımız o bir nəfərlərdən olacaq?” Peyğəmbər ﷺ dedi: “Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq”. Sonra davam edib dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz “Allahu-Əkbər” dedik. Peyğəmbər ﷺ dedi: “Mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz (yenə) “Allahu-Əkbər” dedik. Peyğəmbər ﷺ dedi: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm”. Biz (yenə) “Allahu-Əkbər” dedik. Peyğəmbər ﷺ dedi: “(O gün) siz (say etibarilə) insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız”. (əl-Buxari, 3099, 3170, 3348; ət-Tirmizi, 3169, 3467). “Onları mütləq doğru yoldan”, yəni haqdan “azdıracaq və xülyalara salacağam”, yəni onlara tövbəni tərk etməyi gözəl göstərib, boş vədlər verməklə puç xülyalara salacağam və tövbəni gecikdirməyi əmr edəcəyəm. Beləliklə, onları aldadacağam.
Uca Allah buyurur: “Onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq...” Qatədə, əs-Suddi və başqaları demişlər: “Burada davarların qulaqlarını çərtib bəhira və saibə (“Bəhirə” və "saibə” cahiliyyə dövründə müşriklərin bütlərə nəzir edərək istifadə olunmasını və yeyilməsini Allahdan gələn heç bir dəlil olmadan özlərinə haram etdikləri heyvanların adlarıdır. Bu adları onlar özləri qoymuşdular. Uca Allah bu barədə “əl-Maidə” surəsində buyurur: “Allah müşriklərin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır” (“əl-Maidə”, 103). əs-Səədi bu ayənin təfsirində demişdir: “Bəhira – müşriklərin (bütə nəzir edildiyini bildirmək üçün) qulağını çərtməklə nişan qoyduqları dəvəyə deyilir. Bu dəvəyə hörmət əlaməti olaraq minmək qadağan idi. Saibə – müşriklərin müəyyən yaş həddinə çatdıqdan sonra (bütlərə nəzir edildiyi üçün) atılaraq nəzarətsiz buraxılmış dəvə, inək və ya qoyuna qoyduqları addır. Bu heyvanlara minmək, istifadə etmək və ətindən yemək qadağan olunurdu. Bəzən sahib olduqları digər mallarından da ayırıb “saibə” adlandırırdılar”). adlandırmaqla bütlərə nəzir edilən heyvanlara nişan qoymaq nəzərdə tutulur”.
Uca Allah buyurur: “Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Burada heyvanları axtalamaq nəzərdə tutulur”. Eyni təfsir İbn Ömər, Ənəs, Səid ibn əl-Museyyib və başqalarından rəvayət edilmişdir. Allahın yaratdığı xilqəti dəyişməyin qadağan olmasına dair bir hədis də varid olmuşdur. “Səhih” əsərində rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Allah döymə döyəni və döydürəni, qaş alanı və aldıranı, gözəllik üçün Uca Allahın yaratdığını dəyişərək dişlərini aralayanı (Ərəblərdə ön dişlərin aralı olması qadın üçün gözəllik əlaməti sayılırdı. Bu səbəbdən bəzi qadınlar süni yolla ön dişlərini aralayardılar). lənətləmişdir”. Sonra İbn Məsud belə dedi: “Bilin ki, mən də Peyğəmbərin ﷺ lənət etdiklərini lənətləyirəm. Bu, Allah Kitabındadır”. İbn Məsud belə deməklə Uca Allahın “Allahın rəsulu sizə nəyi əmr edirsə, onu yerinə yetirin, nəyi də qadağan edirsə, ondan çəkinin” (“əl-Həşr”, 7) ayəsini nəzərdə tutmuşdur”. (Əhməd (4129); əl-Buxari (8/483-484 Fəthul-Bari); Muslim (2/166). (Əhməd Şakir). İbn Abbas (Allah ondan razı olsun) başqa bir rəvayətdə, Mucahid, İkrimə, İbrahim ən-Nəxai, əl-Həsən, Qatədə və başqaları Uca Allahın “Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm” ayəsi barədə demişlər: “Yəni Allahın dinini dəyişəcəklər”. Ayənin bu cür təfsir edilməsi Uca Allahın bu ayəsinə bənzəyir: “Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir” (“ər-Rum”, 30). Yəni Allahın yaratdığı fitrəti dəyişməyin. İnsanları Allahın onları yaratmış olduğu fitrət üzərində buraxın. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Hər bir körpə fitrət (tövhidə meyilli olaraq) üzərində doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xristian, ya da məcusi (atəşpərəst) edir. Beləcə, heyvanlar da gözəl biçimdə yaranır. Heç sən onların arasında qulağı kəsik bir heyvan görürsənmi?” (Əhməd (7698, 7181); əl-Buxari (3/196-200 Fəthul-Bari); Muslim (2/301). İbn Hibban hədisin səhih olduğunu bildirmişdir. (Əhməd Şakir). əl-Buxari, 1296, 1385; Muslim, 4803, 6926). Muslimin “Səhih” əsərində İyad ibn Himardan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurdu: “Mən qullarımı hənif (Tək Allaha ibadət edən) yaratdım. Şeytanlar onları dinlərindən döndərərək Mənim onlara halal etdiyimi haram etdilər”. (Bu hədis, Muslimin “Səhih” əsərində (2/356-357) rəvayət etdiyi uzun hədisin bir hissəsidir. Bu hədis “əl-Bəqərə” surəsinin 168-ci ayəsinin təfsirində keçmişdir. Həmçinin hədisi Əhməd (17556) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 2865, 5109, 7386).
Uca Allah buyurur: “Allahı qoyub şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır”, yəni o kəs dünya və Axirətdə ziyana uğramışdır. Bu ziyandan nə qayıtmaq, nə də itirilənin əvəzini vermək mümkün olmayacaq.
Uca Allah buyurur: “Şeytan onlara vədlər verir və onları xülyalara salır”. Bu ayə həqiqətdən xəbər verir, çünki şeytan öz dostlarına dünyada və Axirətdə nicat tapacaqlarını vəd edərək onları xülyalara salır. Əslində isə onun bu vədi yalan və iftiradır. Bu səbəbdən Uca Allah buyurur: “Halbuki şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir”. Necə ki Uca Allah başqa bir ayədə Qiyamət günü İblisin dediklərindən xəbər verərək buyurur: “İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır” (“İbrahim”, 22).
Uca Allah ayənin davamında buyurur: “Onların”, yəni şeytanın vədinə uyub və xülyalarını gözəl görənlərin “gedəcəkləri yer Cəhənnəmdir”, yəni hesaba çəkiləcəkləri gün düşəcəkləri yer Cəhənnəmdir. “Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər”, yəni oradan qaçıb xilas olacaq və sığınacaq bir yer tapa bilməyəcəklər.
Sonra Uca Allah Ondan qorxub, pis əməllərdən çəkinən xoşbəxt qullarının halını, onların sonda qovuşacaqları yüksək şərəfi zikr edərək buyurur: “İman gətirib saleh əməllər edənləri isə”, yəni onlara əmr edilən xeyir əməlləri qəlbən təsdiqləyib, əzaları ilə əməl edən, onlara qadağan edilən pis əməlləri tərk edənləri isə “altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik”. Onlar bu çayları istədikləri istiqamətdə, istədikləri kimi axıdacaqlar. Onlar orada əbədi qalacaqlar və bu nemət heç vaxt tükənməyəcək. “Bu, Allahın gerçək vədi sayəsində olacaqdır”, yəni bu, Allahın bir vədidir. Allahın vədi isə haqdır və mütləq həyata keçəcəkdir. “Sözündə Allahdan daha doğruçu kim ola bilər?”, yəni heç kəs sözündə və xəbərində Allahdan daha doğru ola bilməz. Ondan başqa haqq məbud, Ondan başqa Rəbb yoxdur.
Peyğəmbər ﷺ öz xütbəsində belə deyərdi: “Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın Kəlamıdır. Yolların ən xeyirlisi, Muhəmmədin yoludur. Əməllərin ən pisi sonradan dinə əlavə olunanlardır. Dinə sonradan əlavə olunan hər bir əməl bidətdir. (Bidət sözünün hərfi mənası “yenilik” deməkdir. Burada isə, Muhəmməd Peyğəmbərin ﷺ vəfatından sonra insanlar tərəfindən dinə salınmış və dindən olduğu iddia edilən əməllər və ibadətlər nəzərdə tutulur. Bidət əməllər Allah tərəfindən qəbul olunmur və bunu edən dinə yenilik gətirdiyinə görə günah qazanır. Peyğəmbər ﷺ demişdir: “Bizim bu dinimizdən olmayan bir əməli edənin o əməli rədd olunur”. (əl-Buxari, 2697). Dünyəvi işlərdə yeniliklərə və ixtiralara gəlincə, bu yeniliklər bidət sayılmır. Əksinə, əgər cəmiyyətə xeyir verən yeniliklərdirsə, bu yeniliklər bəyənilir. Peyğəmbər ﷺ demişdir: “Siz dünya işlərinizi məndən daha yaxşı bilirsiniz, lakin mən sizə Allahdan bir şey danışsam, onu götürün! Həqiqətən, mən Allahın adından yalan danışan deyiləm!” (Muslim, 2363). Hər bir bidət azğınlıqdır, hər bir azğınlıq isə oda aparır”. (Bu hədis ən-Nəsəinin (1/234) Cabirdən (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisin bir hissəsidir. Hədisin mətni belədir: “Ən doğru söz Allahın Kitabıdır, ən yaxşı yol isə Muhəmmədin yoludur…“ Həmçinin hədisi Əhməd (14385) rəvayət etmişdir. Əhmədin rəvayəti belədir: “Ən fəzilətli yol Muhəmmədin yoludur”. Habelə, Muslim (1/237) və İbn Hibban “Səhih” əsərində (9): “Ən xeyirli söz Allahın Kitabıdır” şəklində rəvayət etmişlər. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 1560, 1578, 1589, “Sunənul-Kubra” 1786, 1799, 5861, 5892; İbn Xuzeymə, 1785. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 608).
 
ən-Nisa, 123-126
لَيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا * وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا * وَمَنْ أَحْسَنُ دِينًا مِمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلًا * وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا
123. Bu nemətə nail olmaq nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır.
124. Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz.
125. Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi Özünə yaxın dost tutmuşdur.
126. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.
 
Qatədə demişdir: “Bizə deyildiyinə görə, müsəlmanlar və Kitab əhli özlərini öyərək Kitab əhli “Bizim peyğəmbərimiz sizin peyğəmbərinizdən əvvəl göndərilmişdir. Kitabımız da sizin Kitabınızdan əvvəl nazil olmuşdur. Buna görə biz Allah dərgahında sizdən daha üstünük” demişlər. Müsəlmanlar isə “Biz, Allaha sizdən daha yaxınıq. Peyğəmbərimiz peyğəmbərlərin sonuncusudur. Kitabımız da özündən əvvəlki kitabların hökmünü ləğv etmişdir” demişlər. Uca Allah da “Bu nemətə nail olmaq nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır. ...Muhsin olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər?” ayələrini nazil edərək müsəlmanların dəlillərini, onların yanında öyünən digər din mənsublarının dəlillərindən üstün etdi”. (Hədisi ət-Tabəri (10493) rəvayət etmişdir. Hədis mursəldir (tabiin Peyğəmbərdən - ona Allahın salavatı və salamı olsun - rəvayət etmişdir). ət-Tabərinin rəvayət etdiyi isnad Qatədəyə kimi səhihdir. “əd-Durrul-Mənsur” (2/225) əsərində qeyd edildiyi kimi hədisi həmçinin Abd ibn Humeyd və İbn əl-Munzir rəvayət etmişlər. (Əhməd Şakir). ət-Tabəri, 10493, 10561). Bu təfsir əs-Suddi, Məsruq, əd-Dahhək, Əbu Saleh və başqalarından da rəvayət edilmişdir.
Ayənin mənası belədir: Din, gözəl göstərilməklə və ya arzularla olmur. Din, insanların qəlblərində yer alır və əməllərlə təsdiqlənir. Hər hansı bir şey, kiminsə onu, sadəcə, iddia etməsi ilə meydana gəlməz. Haqlı olduğunu deyən şəxsin sözü, sadəcə, onun deməsi ilə eşidilib qəbul edilmir, onun Allahdan gələn bir dəlili olmalıdır. Bu səbəbdən Uca Allah “Bu nemətə nail olmaq nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir” buyurur. Yəni sadəcə arzu etməklə nə siz, nə də onlar xilas ola bilməyəcəksiniz. Əksinə, əsas odur ki, Allaha itaət edib, Onun şərəfli elçilərinin dili ilə qoyduğu şəriətinə tabe olasınız. Bu səbəbdən ayənin davamında: “Pislik edən kəs onun cəzasını alacaq” buyurur. Necə ki başqa bir ayədə buyurur: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır” (“əz-Zəlzələ”, 7-8).
Rəvayət olunur ki, bu ayənin nazil olması səhabələrdən bir çoxuna ağır gəldi. İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ demişdir: “Ey Allahın Elçisi, Uca Allahın “Bu nemətə nail olmaq nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq” ayəsindən sonra necə nicat tapmaq olar? Etdiyimiz hər pisliyin cəzasını alacağıqmı?” Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr, Allah səni bağışlasın! Məgər sən heç xəstələnmirsənmi? Heç üzülmürsənmi? Heç kədərlənmirsənmi? Heç çətinliyə düşmürsənmi?” Əbu Bəkr “Bəli” deyə cavab verdikdə Peyğəmbər ﷺ dedi: “Pisliklərə görə cəzalanmağınız məhz budur”. Həmçinin hədisi Səid ibn Mənsur, İbn Hibban “Səhih” əsərində və əl-Hakim rəvayət etmişlər. (Əhməd (68-81); İbn Hibban (4/502 əl-İhsan əlyazması); əl-Hakim (3/74-75); ət-Tabəri (10523, 10528). (Əhməd Şakir). İbn Hibban, 2910. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3430).
İbn Mərdəveyh Məsruqdan rəvayət etmişdir ki, bir dəfə Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, “Pislik edən kəs onun cəzasını alacaq” ayəsi necə də şiddətlidir!” Peyğəmbər ﷺ dedi: “Dünyada insanın başına gələn müsibətlər, xəstəliklər və üzüntülər cəzadır”. (ət-Tabəri (10529). ət-Tabərinin rəvayəti belədir: “Həqiqətən dünya müsibətləri cəzadır”. (Əhməd Şakir). Əbu Nueym “Hilyətul-Əvliya” 8/119; ət-Tabəri, 10529, 10598. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6717; Silsilə əd-Daifə, 2924-cü hədisin haşiyəsi).
Səid ibn Mənsur Aişənin (Allah ondan razı olsun) belə dediyin rəvayət etmişdir: “Bir dəfə bir kişi Uca Allahın “Pislik edən kəs onun cəzasını alacaq” ayəsini oxuyub “Biz etdiyimiz hər bir pis əmələ görə cəzalanacağıq? Elə isə həlak olduq” dedi. Bu söz Peyğəmbərə ﷺ çatdıqda belə dedi: “Bəli, mömin insan etdiyi pisliklərin cəzasını, dünyada özünə və canına əziyyət verən şeylərlə alacaqdır”. (Əhməd (6/65-66 Hələbi nəşri); əl-Buxarinin “Tərixul-Kəbir” əsəri (6/2/371). (Əhməd Şakir). Səid ibn Mənsur, 699; Əhməd, 24413, 24872. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2273).
İbn Əbu Hatim İbn Əbu Muleykədən Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, mən Quranda ən şiddətli ayənin hansı olduğunu bilirəm”. Peyğəmbər ﷺ soruşdu: “O hansı ayədir elə, ey Aişə?” Mən “Uca Allahın “Pislik edən kəs onun cəzasını alacaq” ayəsidir” deyə cavab verdim. Peyğəmbər ﷺ dedi: “Bu, möminin başına gələn müsibətlərdir. Hətta düşdüyü çətinlik belə onun üçün cəzadır”. Hədisi Əbu Davud və İbn Cərir də rəvayət etmişlər. (ət-Tabəri (10531, 10532); Əbu Davud (3093). (Əhməd Şakir). İbn Əbu Hatim, 5996; ət-Tabəri, 10532, 10601; Əbu Davud, 3093, 3095. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 2924-cü hədisin haşiyəsi).
Əbu Davud ət-Tayəlisi Umeyyə bint Abdullahın belə dediyini rəvayət etmişdir: “Bir dəfə Aişədən Uca Allahın “Pislik edən kəs onun cəzasını alacaq” ayəsi barədə soruşdum. O dedi: “Bunu Peyğəmbərdən ﷺ soruşandan bəri (bu haqda) heç kim məndən soruşmamışdı. Bu, Allahın qulunu (dünyada ikən günahlarına görə) izləməsidir. İnsanın tutulduğu qızdırma xəstəliyində, başına gələn müsibətlərdə, hətta köynəyinin qoluna qoyduğu malını itirmiş sanıb təlaş keçirməsində, axtardıqdan sonra isə malını yanında tapmasında belə onun üçün günahlardan kəffarə var. Ən sonda, saf qızılın odda təmizləndiyi kimi, mömin qul da (başına gələn müsibətlərlə) günahlardan təmizlənmiş olar”. (ət-Tayəlisinin “Musnəd” əsəri (1584). Hədis “əl-Bəqərə” surəsinin 284-cü ayəsinin təfsirində keçmişdir. İbn Əbu Hatim, 3062; ət-Tirmizi, 2991, 3259. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6086).
İmam Əhməd Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Qulun günahları çoxalıb, onlara kəffarə olacaq bir əməli olmadıqda Uca Allah bu günahları silmək üçün onu kədərə düçar edər”. (Əhməd (6/157). (Əhməd Şakir). Əhməd, 25236, 25275, 25750. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 2695).
Səid ibn Mənsur Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Pislik edən kəs onun cəzasını alacaq” ayəsi nazil olduqda bu, müsəlmanlara çox ağır gəldi. Peyğəmbər ﷺ bunu gördükdə dedi: “Doğru yol tutun, mötədil olun (həddi aşmayın). Bilin ki, müsəlmanın başına gələn hər bir müsibətdə, hətta barmağına batan tikanda, keçirdiyi sıxıntıda belə, onun üçün günahlardan kəffarə vardır”. İmam Əhməd, Muslim, ət-Tirmizi və ən-Nəsəi də hədisi bu şəkildə rəvayət etmişlər. (Əhməd (7380); ət-Tabəri (10520); əl-Beyhəqi (3/373). əs-Suyuti (2/227) hədisi İbn Əbu Şeybəyə, İbn əl-Munzirə və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). Səid ibn Mənsur, 694; Muslim, 4671, 6734; ət-Tirmizi, 3038, 3312).
Əbu Səid və Əbu Hureyra (Allah onlardan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişlər: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, hətta düşdüyü elə bir sıxıntı yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari (10/92 Fəthul-Bari); Muslim (2/282); Əhməd (8014); əl-Beyhəqi (3/373). (Əhməd Şakir). Muslim, 4670, 6733).
İmam Əhməd rəvayət etmişdir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə demişdir: “Bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Başımıza gələn bu xəstəliklər müqabilində bizə nə var?” Peyğəmbər ﷺ dedi: “Bunlar kəffarələrdir”. Ubey (ibn Kəb) dedi: “Hətta az olsa belə?” Peyğəmbər ﷺ dedi: “Hətta barmağına batan tikan və ya bundan daha kiçik şey olsa belə”. Ravi demişdir: “Ubey ölənə qədər qızdırmanın onu tərk etməməsini, bununla belə onu həcdən, ümrədən, Allah yolunda döyüşdən və bir də camaatla fərz namazlarını qılmaqdan saxlamamasını dua etdi. Ölənə qədər bir insan ona toxunduqda onun istiliyini hiss edərdi”. Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (11201). Hədis “əz-Zəvaid” (2/301, 302) kitabında qeyd olunub. əl-Heysəmi demişdir: “Hədisi Əhməd və Əbu Yəalə rəvayət etmişlər. Raviləri mötəbərdir”. (Əhməd Şakir). Əhməd, 11199, 11201; əl-Hakim, 7854. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3433).
İbn Cərir rəvayət etmişdir ki, əl-Həsən Uca Allahın “Pislik edən kəs onun cəzasını alacaq” ayəsində kafirlərin nəzərdə tutulduğunu demiş, sonra Uca Allahın “Məgər biz nankor kafirdən başqasını cəzalandırarıqmı?!” (“Səba”, 17) ayəsini oxumuşdur. (ət-Tabəri (10511). (Əhməd Şakir). İbn Abbas və Səid ibn Cubeyrdən rəvayət olunur ki, onlar, bu ayədəki “pislik” sözünü Allaha şərik qoşmaq kimi təfsir etmişlər.
Uca Allah buyurur: “...və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır”. İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: “Tövbə etməsi istisnadır. Tövbə etsə, Allah onun tövbəsini qəbul edər”. (İbn Əbu Hatim, 5998, 6322). Lakin əvvəl keçən hədislərə əsasən doğru olan rəy budur ki, bu ayə tövbə edilən və edilməyən bütün əməllərə aiddir. İbn Cərir də bu rəyi seçmişdir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz”. Uca Allah əvvəlki ayədə qulun pisliklərə görə layiq olduğu cəzanı ya bu dünyada (qul üçün ən yaxşısı da budur), ya da Axirətdə alacağını (bundan Allaha sığınırıq, dünyada və Axirətdə Ondan əfv və bağışlanmağımızı diləyərik) qeyd etdikdən sonra iman gətirəcəkləri təqdirdə – istər kişi olsun, istərsə də qadın – qullarının saleh əməllərini qəbul etməklə onlara qarşı lütfünü, səxavətini və rəhmətini bəyan etməyə başlayır. Uca Allah yaxşı işlər görənləri Cənnətə daxil edəcək, onların yaxşılıqlarını azaltmayacaq və onlara xurma çəyirdəyindəki oyuq qədər belə haqsızlıq etməyəcək. Bu oyuq xurma çəyirdəyinin ortasında yerləşir.
Uca Allah buyurur: “Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən ... şəxsdən din baxımından daha gözəl kim ola bilər?”, yəni xalis Rəbbi üçün, imanla və savabını Allahdan umaraq əməl edən, “Yaxşı əməl sahibi olub”, yəni əməlində Allahın ona buyurduğu şəriətə, Allahın Öz Elçisinə ﷺ göndərdiyi doğru yola və haqq dinə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Bu iki şərt olmadan edilən əməl (Allah qatında) qəbul deyil. Yəni edilən əməl ixlaslı və doğru olmalıdır. İxlaslı dedikdə yalnız Allah üçün olması, doğru dedikdə isə şəriətə müvafiq olması nəzərdə tutulur. Beləcə, edilən əməllər zahirən şəriətə uyğunluğu ilə, batinən isə ixlaslı olması ilə doğru olur. Bu iki şərtdən biri olmasa, əməl batil olar. Əməllərində ixlaslı olmayan kəs münafiq olar. Bunlar, əməllərini insanlara nümayiş etdirənlərdir. Əməlləri şəriətə müvafiq olmayan insan isə azmış (bidətçi) cahildir. Bu iki şərti özündə cəm edən isə Uca Allahın barələrində: “Belələri, əməllərinin ən yaxşısı qəbul olunub, günahları bağışlanan və Cənnət əhli içərisinə daxil olan kimsələrdir” (“əl-Əhqaf”, 16) (Həfs, Həmzə və əl-Kisəi bu ayəni “Belələri əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir” kimi oxumuşlar. Digər qarilər isə ayəni “Belələri əməllərinin ən yaxşısı qəbul olunub, günahları bağışlanan və Cənnət əhli içərisinə daxil olan kimsələrdir” kimi oxumuşlar. İki əlyazmada və çap olunmuş nüsxədə ikinci qiraət qeyd olunmuşdur və cümləyə uyğun olan da budur. (Əhməd Şakir). buyurduğu möminlərin əməlini etmiş olur. Bu səbəbdən Uca Allah “hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər?” buyurur. Bunlar Muhəmməd ﷺ və Qiyamətə qədər ona tabe olanlardır. Necə ki Uca Allah başqa ayələrdə buyurur: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır” (“Ali-İmran”, 68), “Sonra sənə belə vəhy etdik: “Hənif İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi” (“ən-Nəhl”, 123). Hənif insan şirkdən qəsdli şəkildə üz döndərən, yəni bilərəkdən şirki tərk edən, bütünlüklə haqqa yönələn, habelə, heç bir şeyin onu haqdan sapdıra bilməyəcəyi, heç bir şeyin onu haqdan döndərə bilməyəcəyi kəsdir.
Uca Allah buyurur: “Allah İbrahimi Özünə yaxın dost tutmuşdur”. Bu ifadə, insanları İbrahimin dininə tabe olmağa rəğbətləndirmək məqsədi daşıyır, çünki o, tabe olunan bir rəhbərdir. Belə ki, o, qulların Allaha yaxınlaşa biləcəyi ən üstün dərəcəyə – məhəbbətin ən üstün məqamı olan dostluq dərəcəsinə çatmışdır. Uca Allahın İbrahimi Özünə dost tutmasına səbəb isə: “Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?” (“ən-Nəcm”, 37) ayəsində vəsf etdiyi kimi, onun Rəbbinə çox itaət etməsi idi. Sələfdən bir çoxları demişlər: “İbrahim, ona əmr edilənlərin hamısını etmiş, qulluq məqamlarının hamısının haqqını tam olaraq vermişdir. Heç bir əhəmiyyətsiz iş (dünya işləri) onu önəmli olandan (ibadətdən) və heç bir kiçik iş onu böyük olandan yayındırmamışdır. Uca Allah başqa ayələrdə belə buyurur: “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o bunları tamamilə yerinə yetirdi. Allah “Mən səni insanlara imam edəcəyəm!” dedi” (“əl-Bəqərə”, 124), “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir” (“ən-Nəhl”, 120-122).
Allahın İbrahimi “yaxın dost” adlandırması, onun Rəbbini çox sevməsinə və Rəbbinin sevdiyi və razı qaldığı ibadətləri etməsinə görə idi. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ səhabələrə verdiyi son xütbəsində belə demişdir: “Ey insanlar! Bilin ki, əgər mən yer üzündəki insanların arasında özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkr ibn Əbu Quhəfəni seçərdim. Lakin sizin yoldaşınız (özünü nəzərdə tutur) Allahın dostudur”. Cundub ibn Abdullah əl-Bəcəli, Abdullah ibn Amr ibn əl-As və Abdullah ibn Məsuddan (Allah onlardan razı olsun) gələn rəvayətdə isə demişdir: “Allah, İbrahimi Özünə dost seçdiyi kimi, məni də Özünə dost seçmişdir”. (Əbu Səidin rəvayət etdiyi hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində yer almışdır, amma orada “Lakin sizin yoldaşınız (özünü nəzərdə tutur) Allahın dostudur” hissəsi yoxdur. Bax: əl-Buxari (7/10-11) Fəthul-Bari); Muslim (2/230). Əhmədin (3580) İbn Məsuddan rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Mən özümə dost tutmaqdan uzağam. Əgər mən özümə yaxın dost seçmiş olsaydım, əlbəttə ki, Əbu Bəkri seçərdim. Lakin sizin yoldaşınız Allahın dostudur”. Bu rəvayəti Muslim (2/231) və ət-Tirmizi (4/308) də rəvayət etmişlər. Muslimin (1/149) Cundub ibn Abdullahdan (Allah onlardan razı olsun) rəvayət etdiyi hədisdə isə Peyğəmbər ﷺ demişdir: “Həqiqətən mən Allah qatında kimisə özümə dost tutmaqdan ən uzaq olanam. Həqiqətən, Allah İbrahimi Özünə dost seçdiyi kimi məni də Özünə dost seçmişdir. Əgər mən ümmətimdən kimisə özümə dost seçməli olsaydım, əlbəttə ki, Əbu Bəkri özümə dost seçərdim”. Həmçinin bax: Fəthul-Bari, (7/15). (Əhməd Şakir). əl-Buxari, 3381, 3654; Muslim, 4394, 6326; Əbu Yəalə, 5149; Əhməd, 4252. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5296).
Uca Allah buyurur: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir”, yəni hər şey Onun mülkü, hər kəs onun qulu və yaratdığıdır. Onların hamısını idarə edən Odur. Heç kəs Onun hökm etdiyinin qarşısını ala bilməz, heç kəs Onun hökmünü ləğv edə bilməz. Əzəmətli, qüdrətli, ədalətli, hikmət, lütf və mərhəmət sahibi olduğuna görə gördüyü işlər barədə soruşulmaz.
Uca Allah buyurur: “Allah hər şeyi əhatə edir”, yəni Onun elmi bunların hamısını əhatə edir. Qullarının heç bir sirri Ona gizli qalmaz. Göylərdə və yerdə zərrə qədər və ya bundan daha kiçik və daha böyük heç bir şey Onun elmindən gizli qalmaz. Gözə görünən və ya görünməyən heç bir zərrə Ona gizli deyil.
 
ən-Nisa, 127
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَى عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَنْ تَقُومُوا لِلْيَتَامَى بِالْقِسْطِ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
127. Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində hökmü sizə Allah və Kitabdan sizə oxunan ayələr verir. Özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlarla, aciz uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin!” Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.
 
əl-Buxari rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) Uca Allahın “Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində hökmü sizə Allah və Kitabdan sizə oxunan ayələr verir” ayəsi barədə belə demişdir: “Bu, himayəsində yetim qız olan kişiyə aiddir. O, qızın həm vəlisi, həm də varisidir. Qız onun bütün malına, hətta xurma ağaclarına da şərikdir. Kişi bu qızla özü evlənmək istəyir və qızın başqası ilə evlənməsini istəmir. Çünki qız başqası ilə evlənsə, qızın şərik olduğu hissəyə evləndiyi kişi də şərik olacaqdı. Bu səbəbdən qızı sıxışdırıb başqası ilə evlənməsinə mane olur. Bu ayə məhz belələri barədə nazil olmuşdur”. Hədisi bu şəkildə Muslim də rəvayət etmişdir. (əl-Buxari, 4234, 4600; Muslim, 5338, 7717).
İbn Əbu Hatim Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bu ayədən (“ən-Nisa”, 3) sonra insanlar Peyğəmbərdən ﷺ qadınlar barədə hökm verməyini istədilər. Uca Allah da bu ayəni nazil etdi: “Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində hökmü sizə Allah və Kitabdan sizə oxunan ayələr verir”. Aişə davamında belə demişdir: “Uca Allah “Kitabda sizə oxunan ayələr” deməklə nəzərdə tutduğu ayə yetim qızlar barədə nazil olan birinci ayədir. “Əgər himayənizdə olan yetim qızlarla evlənəcəyiniz təqdirdə ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn, sizə halal olan başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin...” (“ən-Nisa”, 3)”. (İbn Əbu Hatim, 6020; Əbu Davud, 2068, 2070. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 1804).
Yenə eyni isnadla Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Uca Allahın “Özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlarla” ayəsi himayəsində gözəlliyi olmayan və malı da az olan yetim qızla evlənmək istəyi olmayanlara görə nazil olmuşdur. Bu səbəbdən kişilərə himayələrində olan yetim qızların malına və gözəlliyinə görə onlarla evlənmək qadağan edilmişdir. Çünki əgər bu qızların malı az olsaydı, özləri də gözəl olmasaydılar, bu himayədarlar onlarla evlənməzdilər. Ancaq mehr xüsusunda ədalətlə hərəkət etsələr, onlarla evlənə bilərlər”. Bu hədisin əsli əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilmişdir. (Aişənin (Allah ondan razı olsun) hədisini əl-Buxari (8/199 Fəthul-Bari) rəvayət etmişdir. Hədis daha geniş formada “ən-Nisa” surəsinin 2-4-cü ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 2194, 4208, 4574; Muslim, 3018, 5335, 7713).
Ayədə nəzərdə tutulan məna budur: “Himayəsində yetim qız olan kişinin bu qızla evlənməsi halaldır. Bəzən hami himayəsində olan yetim qızla özü evlənmək istəyir, bu halda Allah ona himayəsində olan yetim qızın mehrini insafla, yəni evlənmək istəyən kimsənin, adətən, aldığı qıza verdiyi mehrin eynisini verməyi əmr edir. Əgər belə etməkdən boyun qaçırarsa, bu halda evlənmək üçün digər qadınlara yönəlməlidir. Çünki Uca Allah bu məsələdə (digər qadınlarla evlənmək məsələsində) ona geniş imkan (dörd qadınla evlənmək imkanı) vermişdir. “ən-Nisa” surəsinin əvvəlindəki ayədə (“ən-Nisa”, 3) nəzərdə tutulan məna da budur. Bəzən isə hami gözəl olmadığı üçün və ya mehrini insafla verməməkdən qorxduğu üçün himayəsində olan qızla evlənmək istəmir. Bu halda Uca Allah hamiyə özü ilə yetim qız arasında olan ortaq mala başqasını şərik etməkdən qorxaraq qızın başqasına ərə getməsinə mane olmağı qadağan etmişdir.
Necə ki İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlarla ...ədalətlə rəftar edin!” sözü barəsində demişdir: “Cahiliyyə dövründə himayəsində yetim qız olan kişi hamıya onunla evlənəcəyini elan edərdi. Belə olduğu zaman heç kim heç vaxt o qızla evlənə bilmirdi. Yetim qız gözəl olardısa, onun da qızdan xoşu gələrdisə, onunla evlənərdi və malını ələ keçirərdi. Yetim qız çirkin olardısa, özü onunla evlənməzdi və ölənə qədər digər kişilərin də onunla evlənməsinə mane olardı. Qız öldükdən sonra isə kişi onun varisi olardı. Uca Allah da belə etməkdən çəkindirərək bunu haram etdi”. (İbn Əbu Hatim, 6026; ət-Tabəri, 10565, 10635).
Uca Allah buyurur: “aciz uşaqlarla ...ədalətlə rəftar edin”. Cahiliyyə dövründə kiçik oğlan uşaqlarını və qızları mirasa varis etməzdilər. Uca Allahın “Özlərinə müəyyən edilmiş mirası verməyərək” sözü də buna aiddir. Uca Allah bunu qadağan etmiş və hər pay sahibinin kiçik və ya böyük olmasından asılı olmayaraq payını müəyyən edərək “Allah sizə övladlarınız haqqında kişiyə iki qadının payı qədər pay verilməsini buyurur...” (“ən-Nisa”, 11) buyurmuşdur. Səid ibn Cubeyr və başqaları da belə demişlər.
Səid ibn Cubeyr Uca Allahın “...yetimlərlə ədalətlə rəftar edin!” ayəsi barədə belə demişdir: “Malı və gözəlliyi olduqda yetim qızlara üstünlük verib evləndiyiniz kimi, gözəlliyi və malı olmadıqda da onlara üstünlük verib evlənin”. (İbn Əbu Hatim, 6032).
Sonra Uca Allah qullarını xeyir işlər görməyə və əmrlərə tabe olmağa rəğbətləndirərək buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. Uca Allah etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, bilir. Bunlara görə mükafatınızı tam olaraq artıqlaması ilə mütləq verəcəkdir.
 
ən-Nisa, 128-130
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ وَأُحْضِرَتِ الْأَنْفُسُ الشُّحَّ وَإِنْ تُحْسِنُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا * وَلَنْ تَسْتَطِيعُوا أَنْ تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ وَإِنْ تُصْلِحُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا * وَإِنْ يَتَفَرَّقَا يُغْنِ اللَّهُ كُلًّا مِنْ سَعَتِهِ وَكَانَ اللَّهُ وَاسِعًا حَكِيمًا
128. Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz. Çünki razılığa gəlmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
129. Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə davrana bilməzsiniz. Birinə tamamilə meyil edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər özünüzü düzəldib Allahdan qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
130. Əgər ər-arvad ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah hər şeyi Əhatəedəndir, Müdrikdir.
 
Bu ayələrdə Uca Allah ər-arvad arasında olan müxtəlif hallardan – bəzən kişinin zövcəsindən üz çevirdiyi haldan, bəzən ər-arvadın öz aralarında razılığa gəldikləri haldan, bəzən də kişinin zövcəsindən ayrıldığı haldan bəhs edərək hər hala uyğun şəriət qanunları qoymuşdur.
Birinci hal: Qadının, ərinin ona nifrət etməsi və ya ondan üz çevirməsindən qorxduğu haldır. Bu halda qadın ərinin ondan üz çevirməməsi üçün ona düşən maddi məsrəf, geyim, ev və ya digər haqlarının bir hissəsindən, yaxud hamısından imtina edə bilər. Ərin də bunu ondan qəbul etməsi icazəlidir. Bu halda, nə qadına öz haqlarından keçdiyinə görə, nə də kişiyə bunu qadından qəbul etdiyinə görə günah yazılmaz. Bu səbəbdən Uca Allah “...ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz” (Hafs qiraətinə görə, ayə أَنْ يُصْلِحَا [ən yuslihə] kimi oxunmuşdur. Digər qiraətlərdə isə bu söz أَنْ يَصَّالَحَا [ən yəssa:ləhə] kimi oxunmuşdur. İbn Kəsir ikinci qiraətlə yazmışdır. Əlyazmalarında da bu qiraətlə yazılıb. Hər iki qiraətə görə məna eynidir. (Əhməd Şakir). buyurur. Sonra isə “Çünki razılığa gəlmək daha xeyirlidir” buyurmaqla ər-arvadın öz aralarında razılığa gəlməyin ayrılmaqdan daha xeyirli olduğunu bildirir.
Uca Allah buyurur: “Doğrusu, nəfslər xəsisliyə meyillidir”, yəni mübahisə halında barışığa getmək ayrılıqdan daha xeyirlidir. (İbn Kəsirin dediyi, əslində, bu cümlənin təfsiri deyil, cümlənin nəticə etibarilə mənasıdır. Bu cümlənin doğru təfsiri ət-Tabərinin (9/279) qeyd etdiyi kimidir: “Yəni qadınların nəfsləri ərlərindən və onların mallarından özlərinə düşən paya xəsislik etməyə və bu payı heç kəslə bölüşməməyə meyillidir”. Sonra demişdir (9/282): “Xəsislik bir şeyə hərislikdə həddi aşmaqdır. Burada isə qadının ərindən ona düşən gecələmə və məsrəf payına ifrat dərəcədə həris olması nəzərdə tutulur”. (Əhməd Şakir). Buna görə Səudə bint Zəma (Allah ondan razı olsun) yaşlandıqda Peyğəmbər ﷺ ondan ayrılmaq qərarına gəlmişdi. O isə Peyğəmbərin ﷺ onun yanında qalma növbəsini Aişəyə bağışlamış, Peyğəmbər ﷺ də onu boşamamaq şərtilə bununla razılaşmışdı. Peyğəmbər ﷺ bu razılaşmanı qəbul edərək onu zövcəsi kimi saxlamışdır. Əbu Davud ət-Tayəlisi İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Səudə artıq yaşa dolmuşdu və qorxurdu ki, Peyğəmbər ﷺ onu boşayar. Elə buna görə də o, Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Məni boşama və yanımda qalmalı olduğun günləri Aişənin yanında qal!” Peyğəmbər ﷺ onunla razılaşdı və belə də etdi. Bu səbəbdən “Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz” ayəsi nazil oldu. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ər-arvadın aralarında razılığa gəldikləri hər şey icazəlidir”. Hədisi ət-Tirmizi rəvayət etmiş və “həsən-ğarib” olduğunu bildirmişdir. (ət-Tayəsili (2683); ət-Tirmizi (4/94-95). Hər iki isnad səhihdir. ət-Tirmizi hədisi “həsən-səhih-ğarib” adlandırmışdır. (Əhməd Şakir). ət-Tayəlisi, 2805; ət-Tirmizi, 3040, 3314; ət-Tabərani “Mucəmul-Kəbir” 11581, 19581. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1479; İrvaul-Ğalil, 2020).
əl-Buxari və Muslim “Səhih” əsərlərində Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Səudə bint Zəma yaşlandıqda Peyğəmbərin ﷺ onun yanında keçirməli olduğu günləri Aişəyə bağışladı. Peyğəmbər ﷺ Səudənin yanında keçirməli olduğu günlərdə Aişənin yanına gedərdi”. (əl-Buxari, 4811, 5812).
əl-Hakim Urvədən rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) ona demişdir: “Ey bacıoğlu! Allahın Elçisi ﷺ bizim (zövcələrinin) birimizi digərindən üstün hesab etmir və hər birimizin yanında müvafiq bölgüyə əsasən qalırdı. O hər gün bizim hamımızı ziyarət edir və növbəsi çatmış zövcəsinin yanında qalırdı. Səudə bint Zəma artıq yaşa dolmuşdu və qorxurdu ki, Allahın Elçisi ﷺ onu boşayar. Elə buna görə də o, Allahın Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, öz növbəmi Aişəyə bağışlayıram!” Allahın Elçisi ﷺ onunla razılaşdı və Uca Allah da bu ayəni nazil etdi: “Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz”. Oxşar hədisi Əbu Davud və İbn Mərdəveyh rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari ilə Muslim rəvayət etməmişlər”. (əl-Hakim (2/186); Əbu Davud (2135). əz-Zəhəbi əl-Hakimin hədisi səhih adlandırması ilə razılaşmışdır. (Əhməd Şakir). Əbu Davud, 2137; əl-Hakim, 2760. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1479).
əl-Buxari rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) Uca Allahın “Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz” ayəsi barədə belə demişdir: “Bir kişi qadınına qarşı istəyi az olduğu üçün ondan ayrılmaq istəyir. Qadın da ona “Məni boşama, əvəzində üzərimdə olan haqları sənə halal edirəm” deyir. Bu səbəbdən bu ayə nazil oldu”. (əl-Buxari (8/199 Fəthul-Bari). Həmçinin, ət-Tabəri (10585, 10586) oxşar hədisi rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 2270, 2450, 4235, 4601).
İbn Əbu Hatim Xalid ibn Ararın belə dediyini rəvayət etmişdir: “Bir dəfə bir kişi Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) yanına gəlib ondan Uca Allahın “Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz” ayəsi barədə soruşdu. Əli belə dedi: “Bir kişi zövcəsi çirkin, yekəxana, pis xasiyyətli və ya pinti olduğuna görə onu sevmir. Qadın isə ondan ayrılmaq istəmir. Bu halda qadının onu boşamamaq şərtilə mehrinin bir hissəsindən imtina etməsi kişiyə halaldır. Qadın əri ilə birlikdə keçirməli olduğu günlərin bəzilərindən keçsə, bunda da bir günah yoxdur”. Hədisi Əbu Davud ət-Tayəlisi və İbn Cərir də rəvayət etmişlər. (ət-Tabəri (10575, 10578), isnadları səhihdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6042). Bu təfsir eyni zamanda İbn Abbas, Ubeydə əs-Səlməni, Mucahid, əş-Şabi, Səid ibn Cubeyr, Qatədə və bir çox sələf alimlərinin təfsiridir və bildiyimə görə, bu ayədə nəzərdə tutulanın bu olduğuna dair alimlər arasında fikir ayrılığı yoxdur. Ən doğrusunu Allah bilir.
əş-Şafii İbn əl-Museyyibdən rəvayət etmişdir ki, o, Muhəmməd ibn Məsləmənin qızı Rafi ibn Xadiclə evli idi. Rafi onu yaşa dolduğundan və ya başqa bir xasiyyətindən xoşlanmayaraq boşamaq istədi. Qadın “Məni boşama, mənə istədiyin qədər gecə ayır!” dedi. Bu səbəbdən Uca Allah “Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz” ayəsini nazil etdi”. əl-Hakim bu hədisi bundan daha uzun mətnlə rəvayət etmişdir. (əş-Şafiinin rəvayəti müxtəsərdir. Hədis zahirən mursəldir. Hədis geniş şəkildə “əl-Mustədrək” (2/308-309) əsərindədir. əl-Hakim hədisin səhih olduğunu demiş, əz-Zəhəbi də onunla razılaşmışdır. (Əhməd Şakir). Səid ibn Mənsur “Təfsir” 665; əl-Beyhəqi “Sunənul-Kubra” 14507, 14730, 15127.
əl-Hakimin rəvayət etdiyi hədis belədir: “Rafi ibn Xadic (Allah ondan razı olsun) rəvayət edir ki, onun zövcəsi artıq yaşa dolmuşdu. Buna görə də o bakirə qızla evləndi və onun yanında qalmağa daha çox üstünlük verdi. Zövcəsi də onun bu hərəkətinə öz etirazını bildirdikdə Rafi ona talaq verdi. Gözləmə müddətinin bitməsinə az qalmış Rafi ona dedi: “Əgər ikinci zövcəmlə daha çox vaxt keçirəcəyimə səbir edəcəksənsə, talağı geri götürüm, ya da gözləmə vaxtı bitənə qədər səni tərk edim”. O dedi: “Səbir edəcəyəm, talağı geri götür”. Sonra o, yenə ərinin yeni zövcəsi ilə çox vaxt keçirməsinə səbir etmədikdə Rafi onu boşadı. Allahın barəsində ayə nazil etdiyi sülh də budur: “Əgər bir qadın öz ərinin onu yola verməməsindən, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında razılığa gəlmələrində onlara günah gəlməz …” (“ən-Nisa”, 128)”. əl-Hakim, 3205; ət-Tabəri, 10669. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər).
Uca Allah buyurur: “Çünki razılığa gəlmək daha xeyirlidir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni ərin arvadına seçim təklif etməsi daha xeyirlidir. Belə ki, ərin arvadına (müəyyən şərtlər daxilində) qalmaqla ayrılmaq arasında seçim təklif etməsi, başqa qadını ondan üstün tutmaqla evliliyə davam etməsindən daha xeyirlidir“. Lakin ayənin zahirindən aydın olan budur ki, ər-arvadın razılığa gəlib qadının ərinə öz bəzi haqlarından keçməsi, ərin də bunu qəbul etməsi tam ayrılmalarından daha xeyirlidir. Necə ki Peyğəmbər ﷺ gününü Aişəyə (Allah ondan razı olsun) bağışlamaq şərtilə Səudə bint Zəmanı boşamayaraq yanında saxlamış və onu zövcələrindən biri etmişdir. Peyğəmbərin ﷺ belə etməkdə məqsədi bu əməlin şəriət baxımından icazəli olduğunu ümmətinə göstərmək olmuşdur. Peyğəmbər ﷺ üçün ən fəzilətli olan da budur. Allah qatında razılaşma ayrılıqdan daha sevimli olduğu üçün Uca Allah “Çünki razılığa gəlmək daha xeyirlidir” buyurur. Boşanma Allahın sevmədiyi bir əməldir. Əbu Davud və İbn Məcənin Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ demişdir: “Allahın ən çox sevmədiyi halal, boşanmadır”. (Əbu Davud (2178); İbn Məcə (2018). (Əhməd Şakir). Hədis zəifdir. Bax: Daif əl-Cami, 44).
Uca Allah buyurur: “Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”, yəni əgər xoşunuza gəlməyən qadınlara səbir edib digər qadınlara ayırdığınız qədər onlara da vaxt ayırsanız, bilin ki, Uca Allah bu əməlinizdən xəbərdardır və bunun müqabilində sizə böyük mükafat verəcəkdir.
Uca Allah buyurur: “Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə davrana bilməzsiniz”, yəni “Ey insanlar! Qadınlar arasında hər cəhətdən ədalətli davranmağa əsla gücünüz çatmayacaq. Zahirən bir gecə birinə, bir gecə digərinə ayırmaqla bərabərlik meydana gəlsə də, İbn Abbas, Ubeydə əs-Səlməni, Mucahid, əl-Həsən əl-Bəsri və başqalarının dediyi kimi, sevgidə, şəhvətdə və cinsi əlaqədə mütləq qeyri-bərabərlik olacaq”.
İmam Əhməd və “Sunən” əsərlərinin sahibləri Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Peyğəmbər ﷺ qadınları arasında gecələri bölüşdürər və bu bölgüdə ədalətlə davranardı. Sonra belə deyərdi: “Allahım, gücümün çatdığı qədər bölgüm budur. Sənin sahib olub mənim sahib olmadığım xüsuslara görə məni qınama!” Peyğəmbər ﷺ belə deməklə qəlbdə olan sevgini nəzərdə tuturdu”. Bu hədisin mətni Əbu Davuda aid olub isnadı səhihdir. (Əbu Davud (2134); ət-Tirmizi (2/195). “Peyğəmbər ﷺ belə deməklə qəlbdə olan sevgini nəzərdə tuturdu” cümləsi Əbu Davudun sözüdür. (Əhməd Şakir). Əbu Davud, 2136. Hədis zəifdir. Bax: Daif əl-Cami, 4593).
Uca Allah buyurur: “Birinə tamamilə meyil edib”, yəni qadınlardan birinə meyil etdiyiniz təqdirdə həddi aşıb, “digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın”, yəni digərini asılı vəziyyətdə saxlamayın. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr, əl-Həsən və başqaları demişlər: “Nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış buraxmayın”. ət-Tayəlisi Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kimin iki zövcəsi olsa və o, zövcələrindən yalnız birinə meyil etsə, Qiyamət günü üzünün bir tərəfi əyilmiş halda gələcək”. Hədisi İmam Əhməd və “Sunən” sahibləri rəvayət etmişlər. (ət-Tayəlisi (2454); Əhməd (7923). (Əhməd Şakir). Əbu Davud, 2133, 2135. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6515).
Uca Allah buyurur: “Əgər özünüzü düzəldib Allahdan qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir”, yəni əgər bütün işlərinizdə doğru davranıb sahib olduğunuz xüsuslarda ədalətli bölgü aparsanız və hər bir halda Allahdan qorxsanız, qadınlardan birinə meyil etməklə qazandığınız günahı Allah bağışlayacaq.
Uca Allah buyurur: “Əgər ər-arvad ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər”. Bu, yuxarıda qeyd etdiyimiz hallardan üçüncüsü – ər-arvadın ayrıldığı haldır. Uca Allah bildirir ki, ər-arvad ayrılarsa, Allah kişiyə ayrıldığı qadından daha xeyirlisini verməklə, qadına da ayrıldığı kişidən daha xeyirlisini verməklə onları zəngin edər. “Allah hər şeyi Əhatəedəndir, Müdrikdir”, yəni Allah geniş lütfə, böyük nemətə sahib olub, bütün işlərində, hökmündə və şəriət qanunlarında hikmətlidir.
 
ən-Nisa, 131-134
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَكَانَ اللَّهُ غَنِيًّا حَمِيدًا * وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَكَفَى بِاللَّهِ وَكِيلًا * إِنْ يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ وَكَانَ اللَّهُ عَلَى ذَلِكَ قَدِيرًا * مَنْ كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِنْدَ اللَّهِ ثَوَابُ الدُّنْيَا وَالْآخِرَةِ وَكَانَ اللَّهُ سَمِيعًا بَصِيرًا
131. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (And olsun ki,) Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də “Allahdan qorxun!” deyə buyurduq. Əgər küfr etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.
132. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər.
133. Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib yerinizə başqalarını gətirər. Allah buna qadirdir.
134. Kim dünya mükafatını istərsə, bilsin ki, dünyanın da, Axirətin də mükafatı Allah yanındadır. Allah Eşidəndir, Görəndir.
 
Uca Allah bu ayələrdə göylərin və yerin sahibi olduğunu, həm yerdə, həm də göydə yalnız Özünün hakim olduğunu bildirir. Bu səbəbdən “(And olsun ki,) Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də “Allahdan qorxun!” deyə buyurduq” buyurur. Yəni sizdən əvvəl Kitab verilənlərə Tək və şəriki olmayan Allaha ibadət etməklə Allahdan qorxmağı tövsiyə etdiyimiz kimi, sizə də eyni şəkildə Allahdan qorxmağı tövsiyə etdik.
Sonra Uca Allah buyurur: “Əgər küfr etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir”. Necə ki başqa bir ayədə Musanın (ona salam olsun) qövmünə belə dediyini xəbər verir: “Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir” (“İbrahim”, 8). Başqa bir ayədə buyurur: “Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə “Məgər bizə bir insanmı doğru yol göstərəcək?” deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir” (“ət-Təğabun”, 6). Yəni Allah qullarına möhtac deyildir, verdiyi qərarlarında və qoyduğu qanunlarında tərifə layiqdir.
Uca Allah buyurur: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər”, yəni hər kəsə qazandığına görə əvəz verən, hər şeyə nəzarət edən və şahid olan Odur.
Uca Allah buyurur: “Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib yerinizə başqalarını gətirər. Allah buna qadirdir”, yəni əgər Ona asi olsanız, şübhəsiz, sizi yox edib, başqaları ilə əvəz etməyə qadirdir. Necə ki başqa bir ayədə belə buyurur: “Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər” (“Muhəmməd”, 38). Bəzi sələflər demişlər: “Qullar Allahın əmrlərinə itaət etməsələr, Allah yanında necə də dəyərsizdirlər!” Uca Allah başqa bir ayədə buyurur: “Əgər O istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir” (“İbrahim”, 19-20).
Uca Allah buyurur: “Kim dünya mükafatını istərsə, bilsin ki, dünyanın da, Axirətin də mükafatı Allah yanındadır”, yəni ey dərdi-səri yalnız dünya olan kəs! Bil ki, dünya və Axirət savabı Allah dərgahındadır. Əgər Allahdan həm dünya, həm də Axirət nemətlərini istəsən, Allah bunu sənə verər, səni zəngin edər və razı salar. Necə ki başqa ayələrdə belə buyurur: “İnsanlar arasında “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” deyənlər vardır. Belə şəxslərin Axirətdə heç bir payı yoxdur. Onlardan “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də Axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” (“əl-Bəqərə”, 200-201); “Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin axirətdə onun heç bir payı olmaz” (“əş-Şura”, 20); “Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyil. Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər var” (“əl-İsra”, 18-21).
İbn Cərir isə ayəni belə təfsir etmişdir: “Yəni imanlı olduğunu göstərən münafiqlərdən “Kim dünya mükafatını istərsə”, bilsin ki dünyanın mükafatı Allah dərgahındadır. Bu isə onların da müsəlmanlarla birlikdə əldə etdikləri qənimət və buna bənzər şeylərdir. “Axirətin də mükafatı Allah yanındadır”, bu isə Allahın onlar üçün Cəhənnəm atəşində hazırladığı cəzadır”. Beləcə, İbn Cərir bu ayəni Uca Allahın “Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar” (“Hud”, 15-16) ayələri kimi təfsir etmişdir. Bu ayələrin mənası, əlbəttə ki, aydındır. Lakin birinci ayəni bu ayə ilə təfsir etmək şübhəlidir, çünki Uca Allahın “...dünyanın da, Axirətin də mükafatı Allah yanındadır” sözü həm dünya, həm də Axirətdə xeyrin mövcud olmasına aydın dəlalət edir. Yəni həm dünya mükafatı, həm Axirət mükafatı Onun əlindədir. İnsan səhlənkarlıq edib yalnız dünya üçün çalışmaqla kifayətlənməməli, əksinə, istəyi dünya və Axirətdə yüksək məqsədlərə nail olmağa yönəlməlidir. Dünya və Axirət xeyirləri Özündən başqa ibadətə layiq haqq məbud olmayan, zərər də, fayda da yalnız Onun əlində olan Allaha aiddir. Uca Allah Öz əzəli elmi ilə ədalətli şəkildə dünya və Axirətdə xoşbəxtlik və bədbəxtliyi insanlar arasında bölüşdürmüş, xoşbəxtliyə layiq olanı xoşbəxt, bədbəxtliyə layiq olanı da bədbəxt yaratmışdır. Bu səbəbdən Uca Allah ayənin sonunda “Allah Eşidəndir, Görəndir” buyurur.
 
ən-Nisa, 135
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ وَلَوْ عَلَى أَنْفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ إِنْ يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًا فَاللَّهُ أَوْلَى بِهِمَا فَلَا تَتَّبِعُوا الْهَوَى أَنْ تَعْدِلُوا وَإِنْ تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
135. Ey iman gətirənlər! Şahidliyiniz sizin özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun. Əleyhinə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub ədalətdən sapmayın! Əgər dilinizi əysəniz, yaxud həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
 
Uca Allah bu ayədə mömin qullarına ədaləti qorumağı əmr edir. Belə ki, haqdan sağa-sola meyil etməməli, bu yolda Allah üçün heç kəsin tənəsinə məhəl qoymamalı, heç bir şey onları haqdan döndərməməli və bu yolda bir-birlərinə yardım edib dayaq olmalıdırlar.
Uca Allah buyurur: “Allah üçün ədaləti qoruyan şahidlər olun”. Necə ki başqa bir ayədə buyurur: “Allah üçün şahidlik edin” (“ət-Talaq”, 2). Yəni şahidlik Allahın Üzünü diləmək üçün olmalıdır. Əgər şahidlik Allah üçün olarsa, bu zaman düzgün, ədalətlə, haqla, təhrif olunmadan, dəyişdirilmədən və gizlədilmədən yerinə yetiriləcək. Bu səbəbdən Uca Allah “Şahidliyiniz sizin özünüzün, ...əleyhinə olsa belə” buyurur. Yəni zərəri sənə dəymiş olsa belə, ədalətlə şahidlik et. Əgər səndən bir iş barədə soruşulsa, sənə zərəri dəysə belə, haqqı söylə. Şübhəsiz ki, Allah Ona itaət edənlərə hər sıxıntıdan bir çıxış yolu göstərər.
Uca Allah buyurur: “...valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə”, yəni şahidliyiniz ata-ananızın və yaxud yaxın qohumlarınızın əleyhinə olsa belə, onları müdafiə etmə. Zərəri onlara toxunsa belə, haqqa şahidlik et, çünki haqq hər kəsdən üstündür.
Uca Allah buyurur: “Əleyhinə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah onların hər ikisinə sizdən daha yaxındır”, yəni əleyhinə şahidlik edəcəyin şəxs varlı olduğuna görə onu müdafiə etmə və ya kasıb olduğuna görə ona yazığın gəlməsin. Allah onların himayəçisidir. Əksinə, Allah onlara səndən daha yaxındır və nəyin onlar üçün daha faydalı olduğunu səndən yaxşı bilir.
Uca Allah buyurur: “Nəfsinizin istəyinə uyub ədalətdən sapmayın!”, yəni nəfsi istəklərə uymaq, millətpərəstlik və ya kimlərinsə sizə nifrət bəsləməsi, sizi işlərinizdə ədalətsiz davranmağa sövq etməsin. Əksinə, nə olursa olsun, ədalətdən möhkəm yapışın. Necə ki Uca Allah buyurur: “Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır” (“əl-Maidə”, 8).
Peyğəmbər ﷺ Abdullah ibn Ravəhəni (Allah ondan razı olsun) Xeybər əhalisinin meyvə və əkinlərini təxmin edib ölçmək üçün göndərdikdə, (Peyğəmbər ﷺ Xeybəri fəth etdikdən sonra torpağı orada yaşayan yəhudilərə becərdikləri məhsulun yarısını müsəlmanlara vermək şərtilə icarəyə vermişdi. əl-Buxari Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Peyğəmbər ﷺ Xeybər (yəhudilərinə) əkin sahələrindən götürdükləri məhsulun yarısını vermək şərtilə, o torpaqları onlara icarəyə verdi” (əl-Buxari, 2160, 2328). Bu səbəbdən Peyğəmbər ﷺ məhsul yığımına az qalmış səhabələrindən təcrübəli bir nəfər göndərərdi və o, becəriləcək məhsulu təxmin edərək ölçərdi. Bu səhabələrdən biri də Abdullah ibn Ravəhə (Allah ondan razı olsun) idi). yəhudilər ona rüşvət təklif edib onlara qarşı yumşaq davranaraq məhsulu az göstərməsini istədilər. Abdullah bunu hiss etdikdə dedi: “Allaha and olsun ki, sizin yanınıza mənə ən sevimli olan insanın yanından gəlmişəm. Sizin hamınıza meymun və donuzlardan daha çox nifrət edirəm. Bilin ki, Peyğəmbərə ﷺ olan sevgim və sizə olan nifrətim məni sizin barənizdə ədalətsiz davranmağıma vadar edə bilməz. Onlar dedilər: “Göylər və yer məhz bununla (haqq və ədalətlə) sabit dayanar”. (İbn Hibban, 5199; əl-Beyhəqi “Sunənul-Kubra” 11406, 11626, 18168. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir). Bu hədis Allahın izni ilə bitişik sənədlə “əl-Maidə” surəsinin təfsirində təkrar gələcəkdir.
Uca Allah buyurur: “Əgər dilinizi əysəniz, yaxud həqiqəti deməkdən boyun qaçırsanız, ...” Mucahid və bir çox sələf alimləri demişlər: “Yəni əgər şahidliyi təhrif edib dəyişdirsəniz”. Çünki ərəb dilində اللَّي [əl-leyy] sözü “sözü təhrif etmək”, “bilərəkdən yalan danışmaq” deməkdir. Necə ki Uca Allah başqa bir ayədə eyni sözü bu mənada işlədərək buyurur: “Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini əyib bükürlər” (“Ali-İmran”, 78). “Həqiqəti deməkdən boyun qaçırsanız” dedikdə isə şahidliyi gizlətmək və şahidlik etməmək nəzərdə tutulur. Uca Allah buyurur: “Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır” (“əl-Bəqərə”, 283). Peyğəmbər ﷺ demişdir: “Ən xeyirli şahidlər o kəslərdir ki, şahidlik etməsi tələb olunmadan əvvəl özləri gəlib şahidlik edərlər”. (Hədisi İbn Məcə (2364) Zeyd ibn Xalid əl-Cuhənidən (Allah ondan razı olsun) rəvayət etmişdir. Muslim (2/42) də mənaca oxşar hədisi eyni səhabədən rəvayət etmişdir. Hədis “əl-Bəqərə” surəsinin 282-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Bu səbəbdən Uca Allah onları (şahidləri) təhdid edərək “Allah nə etdiklərinizdən xəbərdardır” buyurur. Yəni etdiyiniz əməllərin əvəzini verəcəkdir.
 
ən-Nisa, 136
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
136. Ey iman gətirənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən kəs, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşdür.
 
Uca Allah bu ayədə mömin qullarına, İslamı bütün hökmləri, şöbələri, ərkanları və əsasları ilə birlikdə qəbul etməyi əmr edir. Bu, var olanı yenidən əldə etmək mənasında deyil, əksinə, kamil olanı daha da mükəmməlləşdirmək, möhkəmlətmək və ona davam etmək qəbilindəndir. Necə ki mömin hər namazında “Bizi doğru yola yönəlt” (“əl-Fatihə”, 6) deyir. Yəni bizim üçün bu yolu daha da aydınlaşdır, hidayətimizi artır və bizi bu yolda sabit et. Necə ki Uca Allah başqa bir ayədə möminlərə Allaha və Onun elçisinə ﷺ iman gətirməyi əmr edərək “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin!” (“əl-Hədid”, 28) buyurur.
Uca Allah buyurur: “Elçisinə nazil etdiyi Kitaba”, yəni Qurana “və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” Burada “kitablar” sözü ümumi isim olub əvvəl nazil olmuş bütün kitabları əhatə edir. Uca Allah ayədə Quran barədə نَزَّلَ [nəzzələ] (نَزَّلَ [nəzzələ] feili quruluş baxımından فَعَّلَ [fə'alə] formasındadır. Bu formada olan feillərin mənalarından biri də hərəkətin tədricən, hissə-hissə baş verməsini bildirməkdir. */ (hərfi mənası: tədricən nazil etdiyi) feilini işlətdi, çünki Uca Allah Quranı hissə-hissə, baş verən hadisələrə uyğun olaraq qulların dünya və Axirət ehtiyaclarına görə tədricən nazil etmişdir. Əvvəlki kitablar barədə isə أَنْزَلَ [ənzələ] feilini işlətdi, çünki əvvəlki kitablar bir dəfəyə bütöv şəkildə nazil olurdu. Bu səbəbdən Uca Allah “...əvvəl nazil etdiyi kitablara iman gətirin!” buyurur, sonra isə “Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən kəs, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşdür” buyurur. Yəni belələri doğru yoldan çıxmış, əsas məqsəddən tamamilə uzaqlaşmışlar.
 
ən-Nisa, 137-140
إِنَّ الَّذِينَ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ ازْدَادُوا كُفْرًا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًا * بَشِّرِ الْمُنَافِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا * الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ أَيَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةَ فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا * وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
137. Doğrusu, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir.
138. Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır.
139. O kəslər ki möminləri qoyub kafirləri özlərinə dost tuturlar. Onlar kafirlərin yanında izzətmi axtarırlar? Halbuki izzət tamamilə Allaha məxsusdur.
140. Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini, yaxud onlara istehza olunduğunu eşitdiyiniz zaman kafirlər başqa bir söhbətə keçməyincə, onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə toplayacaqdır.
 
Uca Allah bu ayələrdə iman gətirib sonra küfrə dönən, sonra yenə iman gətirib bir daha küfrə dönərək azğınlıqda qalmağa davam edən və ölənə qədər azğınlığını artıranın ölümündən sonra tövbəsinin qəbul olmayacağını, Allahın onu bağışlamayacağını, düşdüyü vəziyyətdən ona çıxış yolu nəsib etməyəcəyini və hidayət yolunu tapa bilməyəcəyini xəbər verir. Bu səbəbdən Uca Allah “Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir” buyurur.
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “sonra da küfrlərini artıranları” ayəsi barəsində belə demişdir: “Burada ölənə qədər küfr üzərində qalmağa davam edənlər nəzərdə tutulur”. (İbn Əbu Hatim, 6114; ət-Tabəri, 10699, 10766). Mucahid də ayəni belə şərh etmişdir.
İbn Əbu Hatim Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Dindən dönən üç dəfə tövbə etməyə dəvət edilir”. Sonra Əli Uca Allahın “Doğrusu, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir” ayəsini oxudu”. (İbn Əbu Hatim, 6110; ət-Tabəri, 10705, 10772).
Daha sonra Uca Allah buyurur: “Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır”, yəni münafiqlər bu xüsusiyyətlərinə görə iman gətirmiş, sonra kafir olmuş və qəlbləri möhürlənmişdir. Sonra Uca Allah onları vəsf edərək “...möminləri qoyub kafirləri özlərinə dost tuturlar” buyurur. Yəni, əslində, onlar kafirlərlə birlikdədirlər. Onlara mehribançılıq göstərib sirlərini açıb deyirlər. Onlarla xəlvətdə qaldıqda “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” deyirlər. Yəni möminlərə tabe olduğumuzu göstərməklə onlara istehza edirik. Uca Allah kafirləri dost tutduqlarına görə onları qınayaraq “Onlar kafirlərin yanında izzətmi axtarırlar?” buyurur.
Sonra Uca Allah izzətin bütünlüklə Tək və şəriki olmayan Allaha və bir də Onun izzət verdiyi kəslərə aid olduğunu xəbər verərək “Halbuki izzət tamamilə Allaha məxsusdur” buyurur. Necə ki başqa ayələrdə belə buyurur: “Kim qüdrətli olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur” (“Fatır”, 10); “Halbuki qüdrət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər” (“əl-Munəfiqun”, 8).
Burada məqsəd izzəti yalnız Allahdan istəməyə, yalnız Ona ibadət etməyə, həm bu dünyada, həm də şahidlərin şahidlik edəcəyi Qiyamət günü zəfər qazanacaq mömin qulların sıralarına daxil olmağa təşviqdir.
Bu məqamda İmam Əhmədin Əbu Reyhanədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisi qeyd etmək yerinə düşərdi. Əbu Reyhanə Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İzzət və fəxr məqsədilə özünü doqquz kafir ata-babasına nisbət edən kəs, Cəhənnəmdə onların onuncusudur”. (Hədisin mənası belədir: “İzzətin Allaha aid olduğu halda bir insanın fəxr edərək özünü Allaha küfr edən və bu halda ölən ata-babalarına nisbət etməsi qəbulolunmazdır. Çünki onlar Allaha küfr etməklə özlərini alçaltmışlar. Belə insanlarla necə fəxr etmək olar? Peyğəmbər ﷺ bir hədisdə buyurur: “Bir qövmü sevən insan Qiyamət günü onlarla birlikdə həşr olunacaq”. (ət-Tabərani “Mucəmul-Əvsət” (6/293) və “Mucəmus-Sağir” (2/114). Hədis səhihdir. Bax: Sahih ət-Tarğib, 3/96).
Başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Sən sevdiyin kəslə bir yerdə olacaqsan!” (əl-Buxari, 3412, 3688; Muslim, 2639, 4775, 6878). Həmçinin qüdsi bir hədisdə Ubey ibn Kəb (Allah ondan razı olsun) belə demişdir: “Allah Elçisinin ﷺ dövründə iki kişi əsil-nəcabəti ilə öyündü. Onlardan biri (digərinə) dedi: “Mən filankəsin oğlu filankəsəm, bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “Musanın (ona salam olsun) dövründə də iki kişi əsil-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə) “Mən filankəsin oğlu filankəsəm” deyib doqquz (nəsəbinə qədər) sadaladı və dedi: “Bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. O da belə cavab verdi: “Mən İslam oğlu, filankəsin oğlu filankəsəm”. Allah Musaya (ona salam olsun) bu iki əsil-nəsəbi ilə öyünən (kişilər haqqında) belə vəhy etdi: “Sənə gəlincə, ey özünü doqquz (kişiyə) mənsub edən! Onuncusu sən olmaqla onların doqquzu da Cəhənnəmlikdir. Sənə gəlincə, ey özünü iki (kişiyə) mənsub edən, üçüncüsü sən olmaqla onların ikisi də Cənnətlikdir”. (Əhməd, 20241, 21178, 21216, 21778. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1492; Silsilə əs-Səhihə, 1270). Hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (17278); əl-Buxari “Tərixul-Kəbir” (1/2/353). (Əhməd Şakir). Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, (2431). Əbu Reyhanə Əzd qəbiləsindəndir, lakin ənsardan olduğu da deyilmişdir. əl-Buxarinin qeyd etdiyinə görə, adı Şəmundur. Digərləri isə Səmun olduğunu demişlər. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini, yaxud onlara istehza olunduğunu eşitdiyiniz zaman kafirlər başqa bir söhbətə keçməyincə, onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız”, yəni sizə qadağan olunduğu çatdıqdan sonra Allahın ayələri inkar olunan, lağa qoyulan və alçaldılan bir yerdə onlarla birlikdə oturmağa razı olsanız və bu barədə susub onlara etirazınızı bildirməsəniz, siz də onların etdikləri günaha şərik olmuş sayılırsız. Bu səbəbdən Uca Allah buyurur: “Yoxsa siz də onların tayı olarsınız”, yəni günah etməkdə siz də onların tayı olarsınız. Necə ki bir hədisdə Peyğəmbərin ﷺ belə dediyi rəvayət olunur: “Kim Allaha və Axirət gününə iman gətirmişsə, qoy içki olan süfrədə oturmasın”. (Əhməd (14704); ət-Tirmizi (4/20). Hər ikisi Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu bildirmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 2801, 3301; əl-Hakim, 7779; Əhməd, 125. Hədis həsəndir. Bax: Sahih əl-Cami, 6506).
Burada Allahın ayələri məsxərəyə qoyulan məclislərdə iştirak etməyin qadağan olunmasına işarə edilən ayə Məkkədə nazil olmuş “əl-Ənam” surəsindəki bu ayədir: “Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma” (“əl-Ənam”, 68).
Uca Allah buyurur: “Şübhəsiz ki, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə toplayacaqdır”, yəni münafiqlərlə kafirlər Allaha küfr etməkdə ortaq olduqları kimi, Uca Allah onları Cəhənnəm odunda əbədi qalmaqda ortaq edəcəkdir. Uca Allah onları cəza, əzab, buxovlar və zəncirlər olan yurdda, acı olan qaynar su və qanlı irin içməkdə bir araya gətirəcək.
 
ən-Nisa, 141
الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِنْ كَانَ لَكُمْ فَتْحٌ مِنَ اللَّهِ قَالُوا أَلَمْ نَكُنْ مَعَكُمْ وَإِنْ كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُوا أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُمْ مِنَ الْمُؤْمِنِينَ فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ وَلَنْ يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا
141. Sizə göz qoyan münafiqlər Allahdan sizə bir zəfər gəldikdə “Məgər biz sizinlə deyildikmi?” deyər, kafirlərin qələbədən bir nəsibi olduqda isə “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ biləcəyimiz halda, sizi möminlərdən qorumadıqmı?” söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir.
 
Uca Allah bu ayədə münafiqlərdən bəhs edərək bildirir ki, onlar möminləri güdərək onlara bədbəxtlik üz verməsini gözləyirlər. Yəni onlar möminlərin gücünün tükənməsini, kafirlərin onların üzərində qələbə çalmasını və dinlərinin yox olmasını gözləyirlər. “Allahdan sizə bir zəfər gəldikdə”, yəni Allahın köməyi ilə qələbə qazandıqda və qənimət əldə etdikdə “Məgər biz sizinlə deyildikmi?” deyər”, yəni belə deməklə möminləri sevdiklərini göstərmək istəyərlər, “kafirlərin qələbədən bir nəsibi olduqda isə”, yəni Uhud döyüşündə olduğu kimi bəzi vaxtlarda kafirlər möminlər üzərində qələbə çaldıqda onlara “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ biləcəyimiz halda, sizi möminlərdən qorumadıqmı?” söyləyərlər”, yəni gizlicə sizə kömək etdik, siz qalib gələnə qədər onlara qarşı fəsad törətməkdən əl çəkmədik. əs-Suddi ayədə keçən نَسْتَحْفِذْ [nəstəhfiz] feili barədə demişdir: “Yəni sizi üstələyə bildiyimiz halda. Necə ki Uca Allah eyni feili bu ayədə işlətmişdir: “Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur” (“əl-Mucədilə”, 19). Onlar belə deməklə kafirləri sevdiklərini büruzə verir və həm möminlərə, həm də kafirlərə yaltaqlanırlar ki, hər iki tərəfdən əldə olunmuş qənimətdən pay ala bilsinlər, eyni zamanda hər iki tərəfdən gələn təhlükədən özlərini qorumuş olsunlar. Bunun yeganə səbəbi isə imanlarının zəifliyi və inamlarının azlığıdır.
Uca Allah buyurur: “Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir”, yəni, ey münafiqlər, Uca Allah qəlbinizdəki pis niyyətləri bilir və Qiyamət günü aranızda buna uyğun hökm verəcək. Dünya həyatında İslami hökmlərin zahirən sizə tətbiq olunmasına aldanmayın. Şübhəsiz ki, bunda Allahın bir hikməti vardır. (İslam dininə görə, zahirən müsəlman olan (kəlmeyi-şəhadəti dilə gətirən, namaz qılan və s.) insana İslam ehkamları tətbiq olunur. Qəlbində olanlar isə Allaha həvalə edilir. Necə ki İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “İnsanlar Allahdan başqa ibadətə haqqı olan məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə onlarla vuruşmaq mənə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr, – İslam haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, – canlarını və mallarını məndən qorumuş olarlar. Onların gizli əməllərinin haqq-hesabı isə Allaha aiddir” (əl-Buxari, 25). Peyğəmbər ﷺ öz dövründə yaşayan münafiqlərlə müsəlman kimi rəftar edirdi. Baxmayaraq ki, onların qəlblərində küfrü gizlətdiklərini bilirdi. Bunun isə bir neçə səbəbi var idi. Bu səbəblərdən biri də, hədisdə qeyd olunduğu kimi, Uca Allahın Peyğəmbərə ﷺ zahirən özünü müsəlman göstərənlə müsəlman kimi davranmağı əmr etməsi idi. Başqa bir səbəb onların qəlblərini İslama isinişdirmək idi. Başqa bir səbəb isə fitnənin qarşısını almaq idi. Belə ki, əgər Peyğəmbər ﷺ özlərini müsəlman kimi göstərən münafiqləri öldürməyi əmr etsəydi, digər insanlar “Peyğəmbər öz səhabələrini öldürür” deyərdilər. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ Mədinədəki münafiqlərin başçısı Abdullah ibn Ubey ibn Səlulu öldürməyi təklif etdikdə Peyğəmbər ﷺ dedi: “Xeyr, öldürməyin! Yoxsa camaat deyəcək ki, Muhəmməd öz sə-habələrini öldürür” (əl-Buxari, 3257, 3518). Həmçinin Peyğəmbər ﷺ sonrakı nəslə ibrət olsun deyə belə etmirdi. Əgər Peyğəmbər ﷺ münafiqləri öldürməyi əmr etsəydi, ondan sonra gələn hakimlər bundan istifadə edib günahsız insanları münafiqlikdə ittiham edib haqsız yerə öldürə bilərdi. */ Sirlərin açılacağı, kökslərdə olanların aşkara çıxarılacağı Qiyamət günü isə üzdə göstərdikləriniz sizə əsla fayda verməyəcək.
Uca Allah buyurur: “Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir”. Abdur-Razzəq Yusey əl-Kindidən rəvayət etmişdir ki, bir kişi Əli ibn Əbu Talibin yanına gələrək soruşdu: “Uca Allahın “Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir” ayəsini necə izah edə bilərsən?” Əli dedi: “Yaxınlaş, yaxınlaş”. Sonra ayəyə əvvəlki cümləni əlavə edərək “Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir” oxudu və dedi: “Bu, Qiyamət günü olacaq”. (Abdur-Razzəqin “Təfsir” kitabı (səh. 51). İsnadı səhihdir. Həmçinin ət-Tabəri (10714, 10716) səhih isnadlarla və əl-Hakim (2/309) rəvayət etmişlər. əl-Hakim hədisin səhih olduğunu bildirmiş, əz-Zəhəbi də onunla razılaşmışdır. əs-Suyuti (2/235) əlavə olaraq hədisi əl-Firyəbiyə, Abd ibn Humeydə və İbn əl-Munzirə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 10714, 10715, 10782). Əbu Malik əl-Əşcaidən (Allah ondan razı olsun) də belə rəvayət olunaraq burada Qiyamət gününün nəzərdə tutulduğu deyilmişdir. əs-Suddi demişdir: “Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir”, yəni Allah möminlərin əleyhinə kafirlərə əsla bir dəlil verməyəcək”. (Bu rəvayətlərin üçünü də ət-Tabəri rəvayət etmişdir (10718, 10719, 10720). (Əhməd Şakir).
Ola bilsin Uca Allahın “Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir” ayəsində bu dünya nəzərdə tutulsun. Yəni kafirlər bəzi hallarda müsəlmanlar üzərində zəfər qazansalar da, Allah kafirləri heç vaxt müsəlmanlar üzərində tam qalib etməyəcək. Şübhəsiz ki, dünya və Axirətdə gözəl aqibət müttəqilərin olacaq. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Şübhəsiz ki, Biz Öz elçilərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət vermək üçün ayağa qalxacağı gün yardım edəcəyik. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları həm lənət, həm də pis yurd gözləyir” (“Ğafir”, 51-52). Bu mənaya görə, bu ayə müsəlman dövlətinin tam süquta uğramasına ümid bəsləyən və kafirlərin müsəlmanlara qalib gələcəklərindən qorxaraq onlara yaltaqlanan münafiqlərə bir rədd cavabıdır. Necə ki Uca Allah buyurur: “Qəlblərində xəstəlik olanların “Başımıza bir fəlakət gəlməsindən qorxuruq” deyərək kitab əhli arasında olmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar” (“əl-Maidə”, 52).
Alimlər bu ayəni dəlil gətirərək müsəlman köləni kafirə satmağı qadağan etmişlər. Necə ki bu rəy alimlərin yürütdüyü iki görüşdən ən doğru olanıdır. Çünki müsəlman köləni kafirə satmağın doğru olduğunu demək, kafiri müsəlman üzərində hakim etməyi və müsəlmanı kafir qarşısında alçaltmağı qəbul etmək deməkdir. Bəziləri isə Uca Allahın “Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməyəcəkdir” ayəsinə əsasən bildirmişlər ki, əgər kafir, aldığı müsəlman köləni aldıqdan sonra dərhal azad edərsə, bu halda müsəlman köləni kafirə satmaq icazəlidir. (Çünki belə etmək müsəlman kölənin azad olmasına vəsilədir).
 
ən-Nisa, 142-143
إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا * مُذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لَا إِلَى هَؤُلَاءِ وَلَا إِلَى هَؤُلَاءِ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا
142. Doğrusu, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində, Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.
143. Onlar möminlərlə kafirlər arasında tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar. Allahın azdırdığı kəs üçün heç bir yol tapa bilməzsən.
 
“əl-Bəqərə” surəsinin əvvəlində Uca Allahın “Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar” (“əl-Bəqərə”, 9) ayəsi keçmişdir. Uca Allah burada isə “Doğrusu, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində, Allah onları aldadır” buyurur. Sözsüz ki, Allahı aldatmaq mümkün deyil, çünki O, gizlində və qəlblərdə olanları biləndir. Lakin münafiqlər cahillikləri və ağıllarının azlığı səbəbindən elə bilirlər ki, insanlar yanında işlərinin keçdiyi kimi və onlara zahirən şəriət hökmləri tətbiq olunduğu kimi, Qiyamət günü Allah yanında da hökmləri eyni olacaq və Allah dərgahında da işləri keçəcək. Necə ki Uca Allah onların Qiyamət günü doğru yolda olduqlarına dair Allaha and içəcəklərini və bu andın Allah dərgahında onlara bir fayda verəcəyinə güman edəcəklərini bildirir. Bu xüsusda Uca Allah belə buyurur: “Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır” (“əl-Mucadilə”, 18).
Uca Allah buyurur: “Halbuki, əslində, Allah onları aldadır”, yəni, əslində, Allah onların azğınlıqlarını tədricən artıraraq tovlayıb bu dünyada getdikcə haqdan və haqqa nail olmaqdan uzaqlaşdırır. Qiyamət günü də belə olacaq. Necə ki Uca Allah buyurur: “O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə “Bir az gözləyin ki, biz də sizin nurunuzdan alaq” deyəcəklər. Onlara deyiləcək: “Geriyə qayıdıb nur axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çəkiləcək. Münafiqlər onları səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (“əl-Hədid”, 13-15). Bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Kim etdiyi əməli insanlara eşitdirmək məqsədilə edərsə, Allah da onunla belə davranıb (Qiyamət günü) onun bu eybini (qeyri-səmimiliyini) bütün məxluqata eşitdirər. Kim də etdiyi əməli insanlara göstərmək məqsədilə edərsə, Allah da onunla belə davranıb (Qiyamət günü) onun riyakar olduğunu bütün məxluqata göstərər”. (Hədisi Muslim (2/390) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Oxşar hədisi əl-Buxari (11/288) və Muslim (2/390) Cundub ibn Abdullahdan rəvayət etmişlər. Əhməd, əl-Bəzzər və ət-Tabərani hədisi həsən isnadlarla Əbu Bəkradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 2986, 5301, 7667).
Uca Allah buyurur: “Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər”. Bu münafiqlərin ən şərəfli, ən fəzilətli və ən xeyirli əməl olan namaza göstərdikləri münasibətləridir. Onlar namaza durduqları zaman yerlərindən tənbəlliklə qalxarlar. Çünki onların namaz qılmaq niyyətləri yoxdur. Onların namaz qılmaq üçün imanları və Allah qorxuları yoxdur. Onlar namazın mahiyyətini də anlamazlar. İbn Mərdəveyh İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir insanın namaza könülsüz qalxması yaxşı əlamət deyil. İnsan namaza gülər üzlə, böyük bir istək və sevinclə qalxmalıdır. Çünki o, namazında Allahı çağırır. Uca Allah da onun önündə olur, onu bağışlayır və dua etdikdə duasını qəbul edir”. Sonra İbn Abbas bu ayəni oxudu: “Onlar namaza durarkən könülsüz qalxar”. Bu sözlər İbn Abbasdan (Allah ondan razı olsun) başqa bir şəkildə də rəvayət edilmişdir.
Uca Allahın “Onlar namaza durarkən könülsüz qalxar” sözü münafiqlərin xarici görünüşlərini ifadə edir. Necə ki başqa bir ayədə onlar barədə buyurur: “Onlar Allaha və Onun Elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər” (“Tövbə”, 54). Sonra Uca Allah onların daxildəki pis sifətlərini qeyd edərək “...özlərini camaata göstərər” buyurur. Yəni onlarda ixlas və Allaha qarşı səmimiyyət yoxdur. Onlar müsəlmanlardan qorxaraq, onlara yaltaqlanmaq məqsədilə namazlara gələrlər. Bu səbəbdən çox vaxt insanların onları görməyəcəkləri vaxtlarda qılınan namazlarda – gecə vaxtı qılınan İşa və alaqaranlıqda qılınan Sübh namazlarında iştirak etmirlər. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Münafiqlər üçün Sübh və İşa namazlarından daha ağır namaz yoxdur. Əgər onlar bu iki namazın nə qədər xeyirli və bərəkətli olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa məscidə gələrdilər. Allaha and olsun qəlbimdən keçir ki, əmr edəm camaat namazı üçün iqamə versinlər, sonra da bir adama camaata namaz qıldırmağı tapşıram. Sonra da əllərində odun şələsi olan kişilərlə gedib namaza gəlməyən adamların evlərini yandırıb kül edəm”. (Muslim, 651, 1041, 1514). Başqa bir rəvayətdə: “Canım Əlində olan Allaha and olsun ki, əgər onlardan birisi burada ona üstündə yağlı ət parçası olan sümük və ya bir cüt qoyun dırnağı veriləcəyini bilsəydi, mütləq namaza gələrdi. Əgər evlərdə qadınlar və uşaqlar olmasaydı, evlərini yandırıb külə döndərədim”. (Birinci hədisi oxşar mətnlə Əhməd (9482) və Muslim (1/180) rəvayət etmişlər. İkinci hədisi isə əl-Buxari (2/104-108 Fəthul-Bari) rəvayət etmişdir. İkinci hədisdə keçən “Əgər evlərdə qadınlar və uşaqlar olmasaydı, evlərini yandırıb külə döndərərdim” cümləsini Əhməd (8782) Əbu Hureyradan (Allah ondan razı olsun) bu şəkildə rəvayət etmişdir: “Əgər evlərdə qadınlar və uşaqlar olmasaydı, əmr edərdim ki, namaz üçün iqamə verilsin, sonra iki gəncə onların (namaza gəlməyənlərin) evlərini yandırmağı əmr edərdim”. Ola bilsin İbn Kəsir hafizəsindən rəvayət etdiyi üçün hədislərin mətnlərini qarışdırmışdır. (Əhməd Şakir). Əhməd, 10877, 10889; əl-Buxari, 608, 644).
Uca Allah buyurur: “Allahı olduqca az yad edərlər”, yəni onlar namaz qılarkən fikirləri namazda olmur və nə dediklərini bilməzlər. Əksinə, onlar namazlarında qəflət içində olub boş şeylərlə məşğul olurlar və namazda onlar üçün nəzərdə tutulan xeyirdən üz çevirirlər.
İmam Malik Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Bu, münafiqin namazıdır. Bu, münafiqin namazıdır. Bu, münafiqin namazıdır. O kəs ki oturub Günəşi güdür. Elə ki Günəş şeytanın iki buynuzu arasına çatır (batmağa yaxınlaşır), qalxıb (Əsr namazını) qarğa dəni dimdikləyən kimi dörd rükət qılar və namazında Allahı çox az zikr edər”. Hədisi Muslim, ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. (əl-Muvatta (səh. 220); Muslim (1/173). (Əhməd Şakir). Muslim, 622, 987, 1443, Malik, 518, 744).
Uca Allah buyurur: “Onlar möminlərlə kafirlər arasında tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar”, yəni münafiqlər imanla küfr arasında çaşqın vəziyyətdə qalmışlar. Beləcə, onlar həm zahirdə, həm də batində nə möminlərlə, nə də kafirlərlə birlikdədirlər. Zahirdə möminlərlə, batində isə kafirlərlə birlikdədirlər. Münafiqlərdən şübhəyə düşənlər də vardır. Bəzən möminlərə, bəzən də kafirlərə meyil edərlər. Uca Allah belələri barədə buyurur: “Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar” (“əl-Bəqərə”, 20). 
İbn Cərir İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Münafiqin məsəli iki sürü arasında çaşıb qalmış qoyunun məsəlinə bənzəyir. Gah o sürüyə tərəf gedər, gah da bu sürüyə tərəf gedər. Beləcə, hansı sürüyə qoşulacağını bilməz”. Hədisi yalnız Muslim rəvayət etmişdir. (ət-Tabəri, 10728, 10795; Muslim, 2784, 4990, 7220).
İbn Əbu Hatim Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mömin, münafiq və kafirin məsəli bir vadiyə çatan üç adamın məsəlinə bənzəyir. Onlardan biri irəliləyib vadinin bir tərəfindən digər tərəfinə keçər. Sonra digəri irəliləməyə başlayar. Vadinin ortasına çatdıqda vadinin bu başındakı onu çağırar: “Vay sənin halına. Hara gedirsən, həlak olmağamı? Başladığın yerə geri dön”. Vadini keçən isə belə səslənər: “Nicat tapmağa tələs!” Vadinin ortasında olan gah qabağına, gah da arxasına baxa-baxa qalar. Bu vaxt bir sel gəlib onu aparar. Vadini keçən mömin, boğulan isə münafiqdir. “Onlar möminlərlə kafirlər arasında tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar”. Yerində qalan isə kafirdir”./8 İbn Əbu Hatimin rəvayət etdiyi isnad səhihdir. Hədis zahirən səhabənin sözü olsa da, mənaca Peyğəmbərə ﷺ nisbət olunmuş hədisdir. Bundan sonar gələn Qatədənin mursəl olaraq Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədis bunu güvvətləndirir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6144).
İbn Cərir rəvayət etmişdir ki, Qatədə Uca Allahın ”Onlar möminlərlə kafirlər arasında tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar” ayəsi barədə belə demişdir: “Onlar nə əməllərini xalis Allah üçün edən mömin, nə də açıq-aşkar şirk edən müşrik deyillər. Bizə çatmışdır ki, Peyğəmbər ﷺ mömin, münafiq və kafirə bir çayın kənarına gəlib çatan üç adamı misal çəkmişdir. Mömin çaya girər və onu keçər. Sonra münafiq girər və möminə çatmasına az qalmış kafir ona “Mənə tərəf gəl, mən sənə görə qorxuram” deyə səslənir. Mömin isə onu çağıraraq: “Mənə tərəf gəl. Mənim yanımda bunlar bunlar var”- deyir və yanında olanları ona sadalayır. Münafiq bu ikisi arasında tərəddüd edib dayanarkən bir dalğa gəlib onu boğur. Münafiq ölüm onu haqlayana qədər şəkk və şübhə içində qalar”. (ət-Tabəri (10732). Qatədəyə kimi isnadı səhih, lakin mursəldir. İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunan əvvəlki hədis onu qüvvətləndirir. (Əhməd Şakir). ət-Tabəri, 10732, 10799).
Bu səbəbdən Uca Allah ayənin sonunda “Allahın azdırdığı kəs üçün heç bir yol tapa bilməzsən” buyurur. Yəni Allahın doğru yoldan çevirdiyi kimsəyə “heç bir yol tapa bilməzsən”. Çünki “Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz” (“əl-Əraf”, 186). Uca Allahın qurtuluş yolundan azdırdığı münafiqləri doğru yola yönəldən, düşdükləri haldan onları qurtaracaq kimsə olmadığı kimi, Uca Allahın hökmünü ləğv edəcək kimsə də olmaz. Allah gördüyü işlər barədə soruşulmaz; onlar isə soruşulacaqlar.
 
ən-Nisa, 144-147
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا * إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا * إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَئِكَ مَعَ الْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا * مَا يَفْعَلُ اللَّهُ بِعَذَابِكُمْ إِنْ شَكَرْتُمْ وَآمَنْتُمْ وَكَانَ اللَّهُ شَاكِرًا عَلِيمًا
144. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Məgər Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi vermək istəyirsiniz?!
145. Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən.
146. Tövbə edənlər, özlərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə bərabərdirlər. Allah möminlərə tezliklə böyük mükafat verəcəkdir.
147. Şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
 
Uca Allah bu ayələrdə mömin qullarına möminləri qoyub kafirləri özlərinə dost tutmağı, yəni onlarla yoldaşlıq etməyi, məsləhətləşməyi, onlara mehribanlıq göstərib sirlərini deməyi, möminlərin öz aralarında baş verən gizli halları onlara bildirməyi qadağan edir. Necə ki başqa bir ayədə belə buyurur: “Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir” (“Ali-İmran”, 28), yəni Allah qadağalarına riayət edəsiniz deyə, sizi əzabından çəkindirir. Bu səbəbdən burada “Məgər Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi vermək istəyirsiniz?!” buyurur, yəni məgər Allaha sizi cəzalandırması üçün açıq-aşkar bir dəlil vermək istəyirsiniz?
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Quranda gələn سُلْطَانٌ [sulta:n] sözünün hamısı “dəlil” mənasındadır”. Bu hədisin isnadı səhihdir. Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqaları də belə demişlər”./*Abdur-Razzəq “Təfsir” 1658; İbn Əbu Hatim, 5778, 6151, 7537).
Sonra Uca Allah bildirir: “Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar”, yəni etdikləri ağır küfrlərin qarşılığı olaraq Qiyamət günü Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Cəhənnəmin ən alt təbəqəsində olacaqlar”, yəni Cəhənnəmin ən aşağı təbəqəsində olacaqlar. Bəzi alimlər demişlər: “Cənnətin yuxarıya doğru artan dərəcələri olduğu kimi, Cəhənnəmin də aşağıya doğru enən təbəqələri vardır”. İbn Əbu Hatim rəvayət etmişdir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Uca Allahın “Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar” ayəsi barədə demişdir: “Cəhənnəmin ən alt təbəqəsi qapıları olan otaqlardan ibarətdir. Münafiqləri bu otaqlara salacaqlar və qapıları bağlanacaq. Sonra həm üst tərəflərindən, həm də alt tərəflərindən alovlandırılacaqlar”. (Bu hədis səhabənin sözüdür. İbn Əbu Hatimin Əbu Hureyraya (Allah ondan razı olsun) qədər olan isnadı səhihdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6154). “Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən”, yəni onları olduqları haldan xilas edəcək, düşəcəkləri ağrılı-acılı əzabdan çıxaracaq bir kəs tapa bilməzsən.
Sonra Uca Allah münafiqlərdən dünyada tövbə edənlərin tövbəsini qəbul edəcəyini, tövbələrində səmimi olub əməllərini islah edəcəkləri və bütün işlərində Rəblərinə sarılacaqları təqdirdə onların peşmançılığını qəbul edəcəyini xəbər verərək “Tövbə edənlər, özlərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır” buyurur. Yəni riyakarlığı ixlasla əvəz edənlərə, saleh əməlləri az olsa belə, fayda verəcəkdir. İbn Əbu Hatim Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Dinində ixlaslı ol ki, az əməl də sənə kifayət etsin!” (əs-Suyuti (2/236) hədisi əlavə olaraq İbn Əbu əd-Dunyənin “əl-İxlas” əsərinə, əl-Hakimə və əl-Beyhəqinin “Şuab” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6162; əl-Hakim, 7844. Hədis zəifdir. Bax: Daif əl-Cami, 240; Silsilə əd-Daifə, 2160).
“Bunlar möminlərlə bərabərdirlər”, yəni Qiyamət günü bunlar möminlərlə bir zümrədə olacaqlar. “Allah möminlərə tezliklə böyük mükafat verəcəkdir”.
Sonra Uca Allah heç bir şeyə möhtac olmadığını və qullarına yalnız öz günahları səbəbindən əzab verəcəyini xəbər verərək belə buyurur: “Şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin!”, yəni əməllərinizi düzəldib Allaha və Elçisinə iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki? “Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir”, yəni kim Allaha şükür edərsə, Allah onun şükrünün əvəzini verəcəkdir. Allah Ona iman gətirən qəlbdən xəbərdardır və buna görə ona böyük mükafat verəcəkdir.
 
ən-Nisa, 148-149
لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ وَكَانَ اللَّهُ سَمِيعًا عَلِيمًا * إِنْ تُبْدُوا خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا عَنْ سُوءٍ فَإِنَّ اللَّهَ كَانَ عَفُوًّا قَدِيرًا
148. Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülmə məruz qalmış kimsələr müstəsnadır. Allah hər şeyi eşidəndir, biləndir.
149. Əgər bir xeyri aşkara çıxarsanız və ya onu gizlətsəniz, yaxud bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə qadirdir.
 
İbn Abbas (Allah ondan razı olsun) bu ayəni belə təfsir etmişdir: “Allah bir nəfərin başqasına bəddua etməsini sevmir. Yalnız zülmə məruz qalmış şəxs istisnadır. Allah bu şəxsə, zülm edənə bəddua etməyə icazə vermişdir. Uca Allahın “Yalnız zülmə məruz qalmış kimsələr müstəsnadır” ayəsi də məhz bu mənadadır. Əgər zülmə məruz qalmış şəxs səbir edib zülm edənə bəddua etməsə, bu onun üçün daha xeyirli olar”. (ət-Tabəri (10749). Həmçinin İbn əl-Munzir və İbn Əbu Hatim rəvayət etmişlər. (Əhməd Şakir). Əbu Davud Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə onun bir əşyası oğurlanmışdı və o, oğruya bəddua etməyə başladı. Peyğəmbər ﷺ bunu eşitdikdə dedi: “Onun cəzasını yüngülləşdirmə!” (Əbu Davud (1497). İsnadı səhihdir. “Onun cəzasını yüngülləşdirmə”, yəni ona bəddua etməklə layiq olduğu cəzasını yüngülləşdirmə! (Əhməd Şakir). Əbu Davud, 1497, 1499, 4911. Hədis zəifdir. Bax: Daif əl-Cami, 6220).
əl-Həsən əl-Bəsri demişdir: “Qoy zülmə məruz qalan zülm edənə bəddua etməsin. “Allahım, ona qarşı mənə yardım et, haqqımı ondan al!” desin!” (ət-Tabəri, 10752, 10819).
Abdul-Kərim ibn Malik əl-Cəzəri bu ayənin təfsirində demişdir: “Bir kişi səni söyür, sən də qayıdıb onu söyürsən. Lakin əgər sənə böhtan atarsa, sən də qayıdıb ona böhtan atma. Çünki Uca Allah buyurur: “Haqsızlığa uğradıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz” (“əş-Şura”, 41)”. (İbn Əbu Hatim, 6172).
Əbu Davud Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Bir-birini söyən iki adamın söylədiklərinin günahı zülmə (söyüşə) məruz qalan, həddi aşmayana qədər söyüşə ilk başlayana aiddir”. (Əbu Davud (1497); Əhməd (7204); Muslim (2/285). (Əhməd Şakir). Muslim, 2587, 4688, 6756; Əbu Davud, 4894, 4896).
ən-Nəsəi və ət-Tirmizi istisna olmaqla bir çox hədis alimləri Uqbə ibn Amirdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki: “(Bir dəfə) biz Peyğəmbərə ﷺ dedik: “Sən bizi dəvətə göndərirsən və biz elə insanların yanında qalırıq ki, onlar bizi yeməyə qonaq etmək istəmirlər. Bu haqda nə deyə bilərsən?” Peyğəmbər ﷺ buyurdu: “Əgər bir tayfaya qonaq getsəniz və onlar sizi qonaq saxlasalar, onların ziyafətini qəbul edin. Yox əgər onlar sizi qonaq qəbul etmək istəməsələr, onda onlardan qonağa çatacaq payı götürün”. (Əhməd (17416); əl-Buxari (5/77-78 Fəthul-Bari); Muslim (2/45). (Əhməd Şakir). Əhməd, 17345, 17383, 17478. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1441).
İmam Əhməd Miqdam Əbu Kərimədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Əgər bir müsəlman bir qövmə qonaq olarsa və bu qonaq səhərə yemək verilməmiş çıxarsa, o zaman hər bir müsəlmana vacibdir ki, bu qövmün əkinindən və malından qonağın gecə payını götürməkdə ona kömək etsin”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (17244, 17263, 17264); Əbu Davud (3751). Miqdəm Əbu Kərimə – Miqdəm ibn Mədi Kəribdir. Əbu Kərimə onun künyəsidir. Bəzi nüsxələrdə Miqdəm ibn Əbu Kərimə yazılıb. Bu səhvdir. (Əhməd Şakir). Əhməd, 17178, 17217, 17310; əl-Hakim, 7179. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Yenə İmam Əhməd Miqdam Əbu Kərimədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qonağa bir gecəlik yemək vermək hər bir müsəlmana vacibdir. Əgər kiminsə evində qonaq yemək verilmədən gecələyərsə, ev sahibi qonağa borclu qalmış olar. Qonaq istəsə, bu borcunu alar, istəsə, halal edər”. Hədisi Əbu Davud da rəvayət etmişdir. (Əhməd (17238, 17261, 17262, 17268); Əbu Davud (3750). İsnadları səhihdir. (Əhməd Şakir). Əhməd, 17172-17173, 17211-17212, 17304-17305; Əbu Davud, 3750, 3752. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2204).
Bu və bu mənada olan hədislərə əsaslanaraq İmam Əhməd və başqaları müsafiri qonaq etməyin vacib olduğunu demişlər. Hafiz Əbu Bəkr əl-Bəzzərin rəvayət etdiyi hədis də bu qəbildəndir. əl-Bəzzər Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gələrək “Mənim bir qonşum var, mənə əziyyət verir” deyə şikayət etdi. Peyğəmbər ﷺ dedi: “Get evindəki əşyaları çıxart və yolun ortasına qoy!” Kişi də əşyalarını çıxarıb yolun ortasına atdı. Yoldan keçənlər “Sənə nə olub?” deyə soruşduqda kişi “Qonşum mənə əziyyət verir” deyirdi. Keçənlər də “Allahım, ona lənət et! Allahım onu rüsvay et!” deyirdilər. Əziyyət verən qonşu bunu gördükdə dedi: “Evinə qayıt, sənə əsla bir daha əziyyət verməyəcəyəm”. Hədisi Əbu Davud da rəvayət etmişdir. (Əbu Davud (3751); əl-Buxari “Ədəbul-Mufrad” (124). Hədisin isnadları səhihdir. “əl-Musnəd” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisləri tam nəzərdən keçirdikdən sonra deyə bilərik ki, hədis orada yoxdur. (Əhməd Şakir). əl-Bəzzər, 8344; əl-Hakim, 7302; əl-Buxari “Ədəbul-Mufrad” 125. Hədis həsən səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2558).
Uca Allah buyurur: “Əgər bir xeyri aşkara çıxarsanız və ya onu gizlətsəniz, yaxud bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə qadirdir”, yəni ey insanlar, əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya sizə qarşı pislik edəni əfv etsəniz, bilin ki, bu sizi Allaha yaxınlaşdırır və Onun dərgahında savabınızı artırır. Çünki cəzalandırmağa qadir olduğu halda qullarını bağışlamaq Uca Allahın sifətlərindən biridir. Bu səbəbdən Uca Allah ayənin sonunda “Allah əfv edəndir, hər şeyə qadirdir” buyurur. Səhih bir hədisdə belə deyilir: “Sədəqə verməklə mal azalmaz, qul bağışladıqca Allah onun izzətini artırar, Allah üçün təvazökarlıq edəni Allah ucaldar”. (Əhməd (7205); Muslim (2/285) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilib. Hədis “Ali-İmran” surəsinin 130-136-cı ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əhməd, 8996; İbn Hibban, 8140. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2328).
 
ən-Nisa, 150-152
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَلِكَ سَبِيلًا * أُولَئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا * وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِنْهُمْ أُولَئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
150. Allaha və Onun elçilərinə küfr edənlər, Allahla elçilərini bir-birindən ayırmaq istəyib “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –
151. məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
152. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birini digərindən ayırmayanlara gəlincə, Allah onlara öz mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.
 
Uca Allah bu ayələrdə Onu və peyğəmbərlərini inkar edən yəhudi və xristianları təhdid edir. Çünki onlar peyğəmbərlərdən bəzilərinə iman gətirib, bəzilərini isə inkar etməklə iman məsələsində Allah ilə peyğəmbərləri ayırırlar. Onlar hansısa bir dəlilə əsaslandıqları üçün deyil, sadəcə, ata-babalarını belə gördükləri üçün bu yolu seçmişlər. Onları buna vadar edən, nəfsi istəkləri və təəssübkeşlikləri olmuşdur. Yəhudilər İsa və Muhəmməddən (Onlara Allahın salamı olsun) başqa bütün peyğəmbərlərə iman gətirmişlər. Xristianlar isə bütün peyğəmbərlərə iman gətirmiş, lakin peyğəmbərlərin sonuncusu və ən üstünü olan Muhəmmədi ﷺ inkar etmişlər. Samirilər isə Musa ibn İmranın xəlifəsi Yuşadan (onlara salam olsun) sonra heç bir peyğəmbərə iman gətirməmişlər. Deyilənə görə, atəşpərəstlər, Zərdüşt adlı bir peyğəmbərə iman gətirmişlər. Sonra onlar bu peyğəmbərin gətirdiyi dini qəbul etməmiş və bu səbəbdən peyğəmbərləri onların arasından qaldırılmışdır. Ən doğrusunu Allah bilir.
Ayədə nəzərdə tutulan budur: Peyğəmbərlərdən birini inkar edən digər peyğəmbərləri də inkar etmiş sayılır. Uca Allahın yer üzünə göndərdiyi hər bir peyğəmbərə iman gətirmək vacibdir. Peyğəmbərlərdən hər hansı birini həsəd, millətçilik və ya nəfsi istək səbəbindən rədd edən adamın digər peyğəmbərlərə olan imanı da doğru deyildir. Onun bu imanı şəxsi məqsəd, istək və millətçilikdən dolayıdır. Bu səbəbdən Uca Allah “Allaha və Onun elçilərinə küfr edənlər” buyuraraq onları Allahı və peyğəmbərlərini inkar etməklə vəsf etmişdir. “Allahla elçilərini” imanda “bir-birindən ayırmaq istəyib “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!” deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər...” Daha sonra Uca Allah onlar barədə xəbər verərək “...məhz onlar əsl kafirlərdir” buyurur. Yəni şəkk yoxdur ki, onlar, iman gətirdiklərini iddia etdikləri şeyi, əslində, inkar etmişlər. Çünki bu iman şəriətin buyurduğu doğru iman deyil. Əgər ona Allahın elçisi olduğu üçün iman gətirmiş olsaydılar və bu barədə yaxşı düşünsəydilər, onunla eyni dərəcədə və ya dəlil baxımından ondan daha aydın və daha güclü olan peyğəmbərlərə də iman gətirərdilər.
Uca Allah buyurur: “Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq”, yəni inkar etdikləri peyğəmbərin onlara Allah tərəfindən gətirdiyi həqiqətləri qəbul etməyib ondan üz çevirdikləri, fani dünya mənfəətlərini toplamağa can atdıqları, onlara göndərilmiş peyğəmbərin haqq olduğunu bildikdən sonra onu inkar etdikləri üçün Uca Allah onlara alçaldıcı bir əzab hazırlamışdır. Necə ki Peyğəmbərin ﷺ zamanında yəhudi elm adamlarının bir çoxu belə etmişdi. Onlar Uca Allahın böyük peyğəmbərliyi Muhəmmədə ﷺ verməsinə həsəd apararaq ona qarşı çıxdılar, onu yalan saydılar, ona düşmənçilik edib onunla döyüşdülər. Uca Allah da Axirətdə olan zillətlə birlikdə dünyada da onları rəzil etdi. Necə ki başqa bir ayədə belə buyurur: “Onlara (dünya və Axirətdə) zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular” (“əl-Bəqərə”, 61). 
Uca Allah buyurur: “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birini digərindən ayırmayanlara gəlincə, ...” Uca Allah bununla Muhəmməd ümmətini nəzərdə tutur, çünki onlar Allahın nazil etdiyi hər bir kitaba, Allahın göndərdiyi hər bir peyğəmbərə iman gətirmişlər. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: ”Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (“əl-Bəqərə”, 285).
Sonra Uca Allah onlara böyük mükafat, böyük savab və gözəl nemətlər hazırladığını xəbər verərək belə buyurur: “Allah onlara” Allaha və peyğəmbərlərinə iman gətirdiklərinə görə “öz mükafatlarını verəcəkdir. (Bu ayədə keçən يُؤْتِيهِم [yu'ti:him] “verəcəkdir” feili Hafs qiraəti istisna olmaqla digər yeddi qiraətdə نُؤْتِيهِم [nu'ti:him] “verəcəyik” kimi oxunmuşdur. Hafs qiraətinə görə isə يُؤْتِيهِم [yu'ti:him] “verəcəkdir” kimi oxunmuşdur. Kitabın iki əlyazmasında نُؤْتِيهِم [nu'ti:him] “verəcəyik” kimi yazılmışdır. (Əhməd Şakir). Allah bağışlayandır, rəhmlidir”, yəni onlardan bəzilərinin günahları olsa da, Allah onları bağışlayacaqdır.
 
ən-Nisa, 153-154
يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِنَ السَّمَاءِ فَقَدْ سَأَلُوا مُوسَى أَكْبَرَ مِنْ ذَلِكَ فَقَالُوا أَرِنَا اللَّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَنْ ذَلِكَ وَآتَيْنَا مُوسَى سُلْطَانًا مُبِينًا * وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا
153. Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək “Allahı bizə açıq-aşkar göstər!” demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
154. Biz onlardan aldığımız əhdə görə, Tur dağını başları üzərinə qaldırdıq və onlara “Qapıdan səcdə edərək daxil olun!” dedik. Biz onlara “Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!” dedik. Biz onlardan möhkəm bir əhd aldıq.
 
Muhəmməd ibn Kəb əl-Qurazi (Əbu Həmzə Muhəmməd ibn Kəb əl-Qurazi tabiindir. Təfsir alimlərindən biri olmuşdur. Hicri 40-cı ildə Mədinədə anadan olmuşdur)., əs-Suddi və Qatədə demişlər: “Yəhudilər Peyğəmbərdən ﷺ, Tövratın Musaya (ona salam olsun) yazılı olaraq nazil olduğu kimi, göydən bir kitab endirməsini istədilər”. (ət-Tabəri, 10769, 10834). İbn Cureyc isə demişdir: “Peyğəmbərdən ﷺ filankəsə və filankəsə Allah tərəfindən gətirdiyini təsdiqləyən yazılı səhifələr endirməsini istədilər”. Onlar bunu inadkarlıq, küfr və inkar olaraq demişdilər. Necə ki onlardan əvvəl Qureyş buna bənzər tələbləri Peyğəmbərdən ﷺ istəmişdi. Uca Allah bu barədə “Subhan” (əl-İsra) surəsində belə buyurur: “Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca, yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam” (“əl-İsra”, 90). Burada isə Uca Allah buyurur: “Onlar Musadan, bundan daha böyüyünü istəyərək “Allahı bizə açıq-aşkar göstər!” demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu”, yəni azğınlıqlarına, həddi aşdıqlarına, küfr və üsyan etdiklərinə görə onları ildırım vurmuşdu. Bu ayəni “əl-Bəqərə” surəsinin “O zaman siz “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!” dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə, şükür edəsiniz” (“əl-Bəqərə”, 55 - 56) ayələri açıqlayır.
Uca Allah buyurur: “Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər”, yəni Misirdə Musanın (ona salam olsun) əli ilə göstərilən açıq-aydın möcüzələri və tutarlı dəlilləri gördükdən, habelə Allahın düşməni Firon və ordusu bütünlüklə dənizdə həlak olduqdan sonra dənizi təzə keçmişdilər ki, bütlərə ibadət edən bir qövmə rast gəldilər və Musaya “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir” (“əl-Əraf”, 138-139). Uca Allah “əl-Əraf” və “Taha” surələrində Musa (ona salam olsun) Allahla danışmağa getdikdən sonra yəhudilərin buzova ibadət etmələri hekayəsini geniş zikr etmişdir. Musa (ona salam olsun) qayıtdıqdan sonra bəlli hadisələr baş verdi və bu əməli edənlərin tövbəsi yəhudilərdən bütə ibadət etməyənlərin bütə ibadət edənləri öldürməsi ilə oldu. Beləcə, onlar bir-birlərini öldürməyə başladılar. Uca Allah buyurur: “Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik”.
Uca Allah buyurur: “Biz onlardan aldığımız əhdə görə, Tur dağını başları üzərinə qaldırdıq”. Onlar Tövratın hökmlərinə tabe olmaqdan imtina etdikdə və Musanın (ona salam olsun) buyurduqlarını qəbul etmədikləri ortaya çıxdıqda, Uca Allah dağı onların başları üzərinə qaldırdı. Sonra onlar məcburi şəkildə Musanın (ona salam olsun) onlara buyurduqlarını qəbul etdilər və səcdəyə qapandılar. Onlar dağın üstlərinə düşməsindən qorxduqları üçün yuxarı baxırdılar. Uca Allah başqa bir ayədə bu barədə belə buyurur: “Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Biz onlara “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!” demişdik” (“əl-Əraf”, 171).
Uca Allah buyurur: “...və onlara “Qapıdan səcdə edərək daxil olun!” dedik”. Onlar Uca Allahın əmrlərinə həm sözdə, həm də əməldə müxalif oldular. Onlara Beytul-Məqdisin qapısından Allaha səcdə edərək və “Hitta” – “Allahım, cihadı tərk etdiyimizə və bu səbəbdən səhrada qırx il azmağımıza görə günahlarımızı bağışla!” deyə-deyə girmək əmr edilmişdi. Onlar isə  səcdə etmək əvəzinə arxaları üstə sürünərək və istehza edərək: “Hinta” – “buğda” deyirdilər.
Uca Allah buyurur: “Biz onlara “Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!” dedik”, yəni onlara şənbə günü balıq ovunun qadağan edilməsi barədə Allahın qoyduğu qanuna əməl etməyi buyurduq. “Biz onlardan möhkəm bir əhd aldıq”, yəni onlardan ağır bir əhd-peyman aldıq. Onlar isə bu əhdi pozub asi oldular və Uca Allahın qadağasını pozmaq üçün hiylələr axtardılar. Bütün bunlar “əl-Əraf” surəsində: “Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu, Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinələr!” Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq. Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara “Mənfur meymunlar olun!” dedik” (“əl-Əraf”, 163-166) ayəsində geniş izah ediləcək.
 
ən-Nisa, 155-159
فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ وَكُفْرِهِمْ بِآيَاتِ اللَّهِ وَقَتْلِهِمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ بَلْ طَبَعَ اللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا * وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا * وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِنْ شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِنْهُ مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ إِلَّا اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا * بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا * وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
155. Onlar əhdlərini pozduqlarına, Allahın ayələrinə küfr etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və “Qəlblərimiz qapalıdır!” demələrinə görə lənətə düçar edildilər. Doğrusu, Allah küfrləri üzündən onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar.
156. Onlar həm də küfr etdiklərinə və Məryəmə qarşı böyük bir böhtan dediklərinə görə,
157. bir də “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir bilgisi yoxdur. Onlar onu öldürdüklərinə əmin deyildilər.
158. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir.
159. Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, Qiyamət günü onların əleyhinə şahid olacaqdır.
 
Ayədə qeyd olunan günahlar, onların lənətə düçar olmalarının, Allahın rəhmətindən qovulmalarının və doğru yoldan uzaqlaşdırılmalarının səbəblərindən bəziləridir. Onlar əhdlərini pozmuş və Allahın ayələrini, yəni dəlillərini, peyğəmbərlər vasitəsilə göstərdiyi möcüzələri inkar etmişlər. “Peyğəmbərləri haqsız yerə öldürdüklərinə... görə lənətə düçar edildilər”, bu, onların Allahın peyğəmbərlərinə qarşı dəfələrlə cinayət törətmələrinə və peyğəmbərləri öldürməyə cürət etmələrinə görədir. Həqiqətən, onlar çox sayda peyğəmbər öldürmüşlər.
“Qəlblərimiz qapalıdır!” demələrinə görə lənətə düçar edildilər”. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr, Qatədə və bir çoxları bu ayə barədə belə demişlər: “Onlar bu sözləri ilə ürəklərinin örtülü və pərdəli olduğunu nəzərdə tutmuşlar”. Bu, müşriklərin “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır” (“Fussilət”, 5) sözünə bənzəyir. Oxşar ayə “əl-Bəqərə” surəsində keçmişdir. (“əl-Bəqərə” surəsinin 88-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Doğrusu, Allah küfrləri üzündən onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar”, yəni qəlbləri azğınlıq, küfr və iman azlığında qalmaqda inadkardır. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Onlar həm də küfr etdiklərinə və Məryəmə qarşı böyük bir böhtan dediklərinə görə” ayəsi barədə demişdir: “Yəni onlar Məryəmi (ona salam olsun) zinakarlıqda ittiham etdilər”. əs-Suddi, Muhəmməd ibn İshaq və bir çoxları da belə demişlər. Ayənin zahiri mənasından da bu aydın olur. Onlar həm Məryəmə (ona salam olsun), həm də onun oğluna böyük bir böhtan atmış və Məryəmin zinakar olduğunu, bu zinadan oğluna hamilə qaldığını iddia etmişlər.
“Bir də “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə lənətə düçar edildilər”, yəni “Biz Allahın elçisi olduğunu iddia edən bir adamı öldürdük” dediklərinə görə lənətə düçar edildilər. Onlar bunu istehza etmək və ələ salmaq məqsədilə deyirdilər. Necə ki müşriklər Peyğəmbərə ﷺ “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən” (“əl-Hicr”, 6) deyirdilər.
Yəhudilər barədə bizə çatan xəbərlərə görə, Uca Allah Məryəm oğlu İsanı (ona salam olsun) dəlillərlə və doğru yol göstərən ayələrlə göndərdikdə yəhudilər Allahın ona peyğəmbərlik və açıq-aydın möcüzələr verməsinə həsəd apardılar. O, anadangəlmə kor və cüzam xəstəliyinə tutulan insanları sağaldır, Allahın izni ilə ölüləri dirildir, palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürür və o da Allahın izni ilə hamının gözü qabağında quş olub uçurdu. Bundan başqa, Uca Allah ona lütf olaraq digər möcüzələr də vermişdi. Bütün bunlara baxmayaraq, yəhudilər onu yalançı saydılar, ona qarşı çıxdılar və ona bacardıqları qədər əziyyət verməyə çalışdılar. Hətta iş o yerə gəlib çatdı ki, Allahın peyğəmbəri İsa (ona salam olsun) onlarla bir şəhərdə qala bilmədi. Anası ilə birlikdə çox vaxt səyahət edərdi. Yəhudilər bununla da kifayətlənmədilər və Dəməşqin o dövrdəki hökmdarının yanına getdilər. Bu hökmdar ulduzlara ibadət edən müşrik bir adam idi. Bu dində olanlar yunanlar idilər. Ona çatdırdılar ki, Beytul-Məqdisdə bir adam insanları fitnəyə salır, azdırır və rəiyyəti hakimə qarşı çıxmağa çağırır. Hökmdar buna qəzəbləndi və Qüdsdəki əmirinə məktub yazaraq bu adamı tutmasını, çarmıxa çəkməsini, (alçaltmaq üçün) başına tikandan tac qoymasını və insanları onun fitnəsindən qorumasını buyurdu. Məktub Beytul-Məqdisin əmirinə çatdıqda əmrə tabe olub yəhudilərdən bir qrupla birlikdə İsanın (ona salam olsun) olduğu evə getdi. İsa on iki, bəzi rəvayətlərə görə, on üç və ya on yeddi səhabədən ibarət bir qrupun içində idi. Onlar İsanı mühasirəyə aldılar. İsa onların gəldiklərini hiss edib, bildi ki, başqa çıxış yolu yoxdur, ya o onların qarşısına çıxmalıdır, ya da onlar içəri daxil olmalıdırlar. Bu zaman dedi: “Kim razı olar ki, mənim surətim ona verilsin? Əvəzində o kəs Cənnətdə mənim yoldaşım olacaq”. Onlardan bir gənc buna razı oldu. İsa “Onda sən ol!” dedi. Uca Allah o gəncə İsanın surətini verdi və o surətcə İsa (ona salam olsun) oldu. Bu vaxt evin tavanından bir pəncərə açıldı. İsa yuxuya getdi və bu halda göyə qaldırıldı. Uca Allah bu xüsusda belə buyurur: “O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” (“Ali-İmran”, 55). İsa göyə qalxdıqdan sonra evdə olanlar çölə çıxdılar. Çöldəkilər o gənci gördükdə onu İsa sandılar və gecə ikən onu götürüb çarmıxa çəkdilər. Başına tikandan tac qoydular. Yəhudilər açıq-aşkar İsanın asıldılmasına çalışdıqlarını və bununla öyündüklərini bildirdilər. İsa Məsih ilə evdə olub onun göyə qalxmasına şahid olanlar istisna olmaqla nəsranilərin bir çoxu cahillikləri və ağılsızlıqları ucbatından bunu qəbul etdilər. Digər xaçpərəstlər də yəhudilərin zənn etdiyi kimi çarmıxa çəkilənin Məryəm oğlu Məsih (ona salam olsun) olduğunu sandılar.
Bunların hamısı Allahın dərin hikməti olaraq qullarını bir imtahana çəkməsidir. Uca Allah baş verənləri hörmətli Elçisinə ﷺ nazil etdiyi Əzəmətli Quranda açıqlamış və bəyan etmişdir. O Elçi ki, Allah onun peyğəmbərliyini möcüzələrlə və açıq-aydın dəlillərlə qüvvətləndirmişdir. Ən doğru sözü danışan, aləmlərin Rəbbi, gizlində olanlardan və qəlblərdən keçənlərdən xəbərdar olan, göylərdə və yerdə olan sirləri bilən, olub keçənləri və gələcəkdə olacaqları, baş verməyən hadisələr baş verərkən necə olacağını bilən Uca Allah Quranda belə buyurur: “Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi”, yəni onlar İsanın (ona salam olsun) bənzərini gördülər və onu İsa sandılar. Bu səbəbdən ayənin sonunda buyurur: “Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir bilgisi yoxdur”. Burada İsanın (ona salam olsun) öldürüldüyünü iddia edən yəhudilər və bunu qəbul edən cahil xristianlar nəzərdə tutulur. Onların hamısı bu məsələdə dəli kimi şübhə, çaşqınlıq və azğınlıq içindədirlər. Bu səbəbdən Uca Allah “Onlar onu öldürdüklərinə əmin deyildilər” buyurur. Yəni öldürülən şəxsin İsa (ona salam olsun) olduğuna əmin olmayaraq öldürmüşlər. Onlar bu məsələdə şəkk və şübhə içindədirlər. “Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir”, yəni Allah hər şeyə qalib gələndir, heç kəs Ona qalib gələ bilməz. Onun qapısına pənah gətirənə zülm edilməz. Müəyyən etdiyi, hökm verdiyi və yaratdığı hər şeydə “hikmət sahibidir”. Böyük hikmət, qəti dəlillər, əzəmətli və əzəli hökmranlıq Ona məxsusdur.
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Allah İsanı (ona salam olsun) səmaya qaldırmaq istədiyi zaman İsa səhabələrinin qarşısına çıxdı. İsa ilə birlikdə evdə on iki nəfər həvari var idi. İsa evin həyətindəki bulaqda yuyunduğuna görə onun saçlarından su damcılayırdı. İsa dedi: “Həqiqətən, sizin içinizdən elələri olacaq ki, mənə iman gətirdikdən sonra on iki dəfə peyğəmbərliyimi inkar edəcək”. Sonra dedi: “Kim mənim surətimin ona verilməsini və mənim yerimə qətlə yetirilməsini, sonra Cənnətdə mənimlə eyni dərəcədə olmasını istəyər!” Onların arasından hamıdan gənc olan bir oğlan ayağa qalxıb dedi: “Mən”. İsa ona “Otur” dedi. Sonra o, yenə soruşdu. Həmin oğlan ayağa qalxıb yenə “Mən” deyə cavab verdi. İsa ona “Otur” dedi. Sonra üçüncü dəfə soruşduqda, o, yenə ayağa qalxıb “Mən” deyə cavab verdi. Bu zaman İsa dedi: “Yaxşı, onda sən olacaqsan”. İsanın surəti ona verildi və İsa evin bacasından səmaya qaldırıldı. Onu tutmaq üçün gələn yəhudilər İsaya oxşadığına görə həmin oğlanı tutdular və öldürdükdən sonra çarmıxa çəkdilər. Bu vaxt ona iman gətirənlərdən bəziləri onun peyğəmbərliyini on iki dəfə inkar etdilər. İnsanlar İsa barəsində üç dəstəyə ayrıldılar. Bir dəstə dedi: “Allah istədiyi qədər bizim aramızda qaldı, sonra səmaya yüksəldi”. Bunu deyənlər Yəqubiyyə firqəsidir. Digər dəstə dedi: “Allahın oğlu Allahın istədiyi qədər bizim aramızda qaldı, sonra Allah onu öz dərgahına yüksəltdi”. Bunu deyənlər Nəsturiyyə firqəsidir. Başqa bir dəstə isə belə dedi: “Allahın qulu və elçisi Allahın istədiyi qədər aramızda qaldı, sonra Allah onu Öz dərgahına qaldırdı”. Bunu deyənlər isə doğru dinə tabe olan müsəlmanlar idilər. Hər iki kafir dəstə birləşib müsəlman dəstəni qətlə yetirdilər. Muhəmməd ﷺ Allah tərəfindən peyğəmbər göndərilənə qədər həqiqi İslam dini gizli qaldı”. Bu hədisin isnadı İbn Abbasa (Allah ondan razı olsun) qədər səhihdir. Oxşar hədisi ən-Nəsəi də rəvayət etmişdir. (ən-Nəsəi “Sunənul-Kubra” 11527, 11591; İbn Əbu Hatim, 6233; İbn Əbu Şeybə, 31876, 32537). Bir çox sələflər də İsanın (ona salam olsun) həvarilərə “Kim mənim surətimin ona verilməsini və mənim yerimə qətlə yetirilməsini, sonra Cənnətdə mənimlə eyni dərəcədə olmasını istəyər!” dediyini zikr etmişlər. (İbn Əbu Hatimin İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi hekayəni əs-Suyuti (2/238) qeyd etmiş və əlavə olaraq Abd ibn Humeydə və İbn Mərdəveyhə nisbət etmişdir. Hekayənin isnadı İbn Abbasa (Allah ondan razı olsun) kimi səhih olsa da, mətn və məzmun baxımından İbn Abbasdan rəvayət olunması şübhə yaradır. Çünki səhabələrin yaşadığı dövrün açıq-aydın  əlamətləri bu hekayənin mətnində yoxdur. Ola bilsin bu, hekayəni rəvayət edənlərdən biri olan əl-Minhəl ibn Amr əl-Əsədinin (hekayəni İbn Abbasa nisbət etməklə) buraxdığı səhvdir. Belə ki, o, hekayəni Səid ibn Cubeyrdən, o da İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Bu hekayə heç İsrailiyyət dərəcəsinə də yüksəlmir, çünki yəhudilər bu barədə tamam başqa şeylər danışırlar.
Bu və bundan əvvəl İbn Kəsirin özü rəvayət etdiyi hekayə təfsir kitablarında Vahb ibn Munəbbih və onun kimi digər ravilərdən rəvayət olunan çox sayda hekayələrin qısaldılmış variantıdır. Bu hekayələrin heç biri Quran və səhih hədislərdə səhih sənədlə öz təsdiqini tapmamışdır. Həmçinin bu hekayələr həm öz-özlüyündə, həm də digər hekayələrlə ziddiyyət təşkil edir. Çünki hər iki hekayəyə əsasən, İsa (ona salam olsun) ilə birlikdə evdə olanlar İsanın (ona salam olsun) “Kim mənim surətimin ona verilməsini və mənim yerimə qətlə yetirilməsini, sonra Cənnətdə mənimlə eyni dərəcədə olmasını istəyər!” dediyini və bir nəfərin bu dərəcəni seçməsini eşitmişlər. Bundan sonra yəhudilərin iddia etdikləri kimi İsanın (ona salam olsun) çarmıxa çəkildiyini necə deyə bilərlər? Necə ki İbn Cərir ət-Tabəri buna oxşar hekayələri tənqid etmişdir. Bax: “Təfsir ət-Tabəri” (9/374-376).
Biz müsəlmanlar Uca Allahın “Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi” sözünə yəqinliklə iman gətirmişik. İsanın bənzərinin onlara necə göstərilməsinin və bu hadisənin necə baş verməsinin təfsilatına isə varmırıq. Çünki biz bu təfsilatı bilmək və ona iman gətirməklə mükəlləf deyilik. Belə ki, nə Allah, nə də Onun Elçisi ﷺ bu təfsilatı bizə öyrətməmişlər. Doğru yola yönəldən yalnız Allahdır! (Əhməd Şakir). ət-Tabəri, 23/366, 34382-ci hədis).
Uca Allah buyurur: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, Qiyamət günü onların əleyhinə şahid olacaqdır”.
İbn Cərir demişdir: “Təfsirçilər bu ayənin mənasında ixtilaf etmişlər. Bəziləri demişlər: “Yəni Kitab əhlindən hər kəs İsanın ölümündən əvvəl ona iman gətirəcək”. Belə deyənlərə görə, İsa (ona salam olsun) Qiyamətə yaxın Dəccalı öldürmək üçün endiyi zaman Kitab əhlinin hamısı onu təsdiq edəcəklər. Bütün dinlər birləşib tək din olacaq ki, o da İbrahimin (ona salam olsun) hənif dini olan İslam dini olacaq. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin” ayəsi barədə belə demişdir: “Yəni Məryəm oğlu İsanın ölümündən əvvəl”. (ət-Tabəri (10794). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6254; ət-Tabəri, 10794, 10862). Əbu Malik, əl-Həsən, Qatədə, Abdur-Rahmən ibn Zeyd ibn Əsləm və başqaları da belə demişlər. Doğru olan rəy də budur. Az sonra bu rəyin doğru olmasını Allahın izni ilə açıq-aşkar dəlillərlə bəyan edəcəyik. Yalnız Allaha arxayınıq və yalnız Ondan yardım diləyirik.
İbn Cərir davamında demişdir: “Digər təfsirçilər isə bu ayənin mənasını belə izah etmişlər: “Yəni Kitab əhlindən elə bir kəs olmaz ki, öz ölümündən əvvəl ona iman gətirməsin”. Bu fikirdə olanlar rəylərini belə əsaslandırmışlar: “Can verən insan ölüm anında, nəyin haqq, nəyin isə batil olduğunu biləcəkdir. Çünki ölüm anı yetişmiş insan, son nəfəsini verməzdən əvvəl dini barəsində haqq ilə batili bir-birindən ayırır”.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın ”Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin” ayəsi barədə belə demişdir: “Bu ayə Ubeyin qiraətində قَبْلَ مَوْتِهِمْ [qablə məutihim] “ölümlərindən əvvəl” şəklindədir. Hər bir yəhudi ölümündən əvvəl mütləq İsaya (ona salam olsun) iman gətirəcəkdir”. İbn Abbasdan soruşdular: “Əgər evin üstündən düşsə (ölüm onu qəfil haqlasa) necə?” İbn Abbas “Enərkən iman gətirəcək” deyə cavab verdi. Yanındakılardan biri “Əgər onlardan birinin boynu vurularsa, onda necə deyəcək?” deyə soruşdu. İbn Abbas “Dili öz-özünə söyləyəcək” deyə cavab verdi”. (ət-Tabəri (10814). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud ət-Tayəlisi də eyni şeyi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Bu rəvayətlərin hamısının sənədləri İbn Abbasa kimi səhihdir. Eyni rəy səhih isnadla Mucahid, İkrimə və İbn Sirindən rəvayət edilmişdir.
İbn Cərir demişdir: “Digərləri isə bu ayənin mənasını belə açıqlamışlar: “Kitab əhlindən elə bir kəs yoxdur ki, öz ölümündən əvvəl Muhəmmədə ﷺ iman gətirməsin”. (ət-Tabəri, 10828, 10895). [Sonra İbn Kəsir bu təfsiri İkrimədən rəvayət etmişdir.]
Sonra İbn Cərir demişdir: “Bu rəylərdən ən doğru olanı, birincisidir. Yəni İsa (ona salam olsun) yerə endikdən sonra Kitab əhlindən ona iman gətirməyən heç kəs qalmayacaq. İsanın ölümündən əvvəl hamısı ona iman gətirəcək”. Şübhəsiz ki, İbn Cəririn dediyi bu rəy doğru olan rəydir. Çünki ayələrin məzmununa əsasən burada yəhudilərin İsanın (ona salam olsun) öldürülüb çarmıxa çəkilməsi iddiaları ilə cahil xristianların bunu qəbul etmələrinin batil olduğu izah edilir. Uca Allah hadisənin heç də belə olmadığını, onlara ancaq İsanın (ona salam olsun) bənzəri göstərildiyini, onlar da bilmədən İsanın bənzərini öldürdüklərini, sonra Allahın İsanı (ona salam olsun) özünə tərəf qaldırdığını, onun sağ olduğunu və Qiyamət günündən əvvəl enəcəyini xəbər verir. İsa (ona salam olsun) enib Məsihi Dəccalı öldürəcək, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni ləğv edəcək. Cizyəni ləğv etməklə digər din mənsublarından İslamdan başqa bir dində qalmalarını qəbul etməyəcək, ya İslamı, ya da qılıncı (onlarla döyüşü) seçməyi tələb edəcək. Bu ayə bildirir ki, İsa zühur edəcəyi zaman Kitab əhlinin hamısı ona iman gətirəcək və onlardan hər kəs onu təsdiqləmək məcburiyyətində qalacaq. Bu səbəbdən Uca Allah “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin” buyurur. Yəni Kitab əhlindən elə bir kəs olmaz ki, İsanın (ona salam olsun) ölümündən əvvəl ona iman gətirməsin. Halbuki yəhudilər və onların fikrini qəbul edən xristianlar onun öldürülüb çarmıxa çəkildiyini zənn edirlər.
Uca Allah buyurur: “Lakin o, Qiyamət günü onların əleyhinə şahid olacaqdır”, yəni göyə qalxmazdan əvvəl və yer üzünə endikdən sonra onların etdiklərinə şahidlik edəcəkdir. Ayənin mənasını “Kitab əhlindən hər kəs İsaya və ya Muhəmmədə ﷺ iman gətirmədən ölməyəcək” şəklində təfsir edənlərə gəlincə, bu, reallığa uyğundur. Çünki can verərkən hər kəsə daha əvvəl bilmədiyi şeylər açılacaq və o, iman gətirəcək. Lakin ölüm mələyini gördükdə bu imanı ona fayda verməyəcək. Necə ki Uca Allah bu surənin əvvəlində buyurur: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman “Mən indi tövbə etdim!” deyənlərlə kafir kimi ölənlərin tövbəsi qəbul deyildir” (“ən-Nisa”, 18). Başqa bir ayədə buyurur: “Onlar əzabımızı gördükdə dedilər: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri inkar etdik!” Lakin əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən olub-keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar” (“Ğafir”, 84-85). Bu ayə İbn Cəririn bu rəyi rədd edərkən gətirdiyi dəlilin zəifliyinə dəlalət edir. O, belə demişdir: “Əgər ayədə bu (Kitab əhlindən hər kəs İsaya və ya Muhəmmədə ﷺ iman gətirmədən ölməyəcək) nəzərdə tutulsaydı, Muhəmmədi və ya Məsihi inkar edənlər ölümlərindən əvvəl Muhammədə ﷺ və ya Məsihə iman gətirməklə onların dinində ölmüş sayılardılar. Belə olan təqdirdə onun dinindən olan qohumları ona varis ola bilməzdi. Çünki haqqı deyən Allah onun ölümündən əvvəl ona (İsaya) iman gətirəcəyini xəbər vermişdir”. (Bax: ət-Tabəri (9/386-387). (Əhməd Şakir). Yəni əgər ayənin mənası “Kitab əhlindən hər kəs İsaya və ya Muhəmmədə ﷺ iman gətirmədən ölməyəcək” olsaydı, o zaman İsanı və ya Muhəmmədi ﷺ inkar edənlər ölüm ayağında İsaya və ya Muhəmmədə ﷺ iman gətirməklə onların dinində sayılmış olardı. Belə olan təqdirdə onların dinində olan qohumları, dinlərini dəyişib öldükləri üçün onların varisləri ola bilməzdilər. Çünki onlara görə ölən dinini dəyişmiş olardı və müxtəlif dinlərdə olduqları üçün ölənin varisləri ola bilməzdilər). Lakin bu heç də yaxşı açıqlama deyil. Belə ki, imanın fayda verməyəcəyi bir vaxtda (ölüm anında) iman gətirən adam heç də müsəlman deyil. İbn Abbasın (Allah ondan razı olsun) bu sözünü görmürsənmi? “Yüksək bir yerdən yıxılıb ölsə və ya qılıncla boynu vurulsa və yaxud onu yırtıcı bir heyvan parçalasa belə, mütləq İsaya (ona salam olsun) iman gətirəcək”. Belə vəziyyətlərdə iman gətirmək isə fayda vermir və gətirdiyimiz ayələrə görə bu iman, sahibini küfrdən çıxarıb imana daxil etmir. Ən doğrusunu isə Allah bilir.
Məsələni dərindən düşünüb araşdırdıqda aydın olur ki, bunun (ölüm ayağında haqqın bəyan olması) baş verməsinə baxmayaraq, ayədə bu nəzərdə tutulmur. Əksinə, ayədə, qeyd etdiyimiz kimi, İsanın (ona salam olsun) varlığı, göydə həyatının davam etməsi və Qiyamət günündən əvvəl İsa barədə, həqiqətən, uzaq, bir-birinə zidd və əks sözlər söyləyən yəhudi və xristianların iddialarını yalan çıxartmaq üçün yer üzünə enəcəyi bildirilir. Yəhudilər İsaya hörmətsiz yanaşmışlar, xristianlar isə onu ifrat dərəcədə yüksəltmişlər. Yəhudilər ona və anasına böhtan atmaqla onun dəyərini aşağı salmışlar, xristianlar isə onda olmayan xüsusiyyətləri (ilahlığı) ona nisbət edərək tərifdə həddi aşmışlar və yəhudilərin əksinə, İsanı (ona salam olsun) peyğəmbərlik dərəcəsindən ilahlıq dərəcəsinə yüksəltmişlər. Allah həm yəhudilərin, həm də xaçpərəstlərin dediklərindən çox uzaq və çox ucadır. Ondan başqa ibadətə layiq haqq ilah yoxdur.
 
Məryəm oğlu İsanın (ona salam olsun) axır zamanda, Qiyamət günündən əvvəl göydən yer üzünə enəcəyinə və insanları tək və şəriki olmayan Allaha ibadət etməyə dəvət edəcəyinə dair varid olan hədislər:
 
əl-Buxari bütün alimlər tərəfindən səhih olduğu qəbul edilmiş “Səhih” əsərində “Peyğəmbərlərə dair hədislər” kitabında “Məryəm oğlu İsanın yerə enməsi” adlı başlıq ayırmışdır. O bu başlıq altında Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Canım Əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu (İsa) aranızda ədalətlə hökm vermək üçün (Bu İsa peyğəmbərin (ona salam olsun) yeni bir şəriət gətirməyəcəyinə dəlildir. Əksinə, bu ümmətə başçılıq edən ədalətli bir hakim olaraq göndəriləcək). sizin yanınıza enib xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni (Müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan mal və ya can vergisi). aradan qaldıracaq. (Burada “cizyəni aradan qaldıracaq” deyildikdə, cizyəni qəbul etməyəcəyi qəsd edilir. Yəni kafirlərə İslam dinini qəbul etmək, əks halda isə vuruşmaq təklif ediləcək). (Həmin vaxt) mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək və namaz qılmaq dünya və içindəkilərdən xeyirli sayılacaq”. Sonra Əbu Hureyra dedi: “İstəsəniz, bunun təsdiqi olaraq Uca Allahın “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, Qiyamət günü onların əleyhinə şahid olacaqdır” (“ən-Nisa”, 159) ayəsini oxuyun”. Hədisi Muslim də rəvayət etmişdir. əl-Buxari və Muslim bu hədisi müxtəlif yollarla rəvayət etmişlər. (əl-Buxari (6/355-357, 4/343, 5/86); Muslim (1/54); Əhməd (7267, 7665, 7890, 10957). Bax: ət-Tabəri (7144, 7145, 10830). (Əhməd Şakir). əl-Buxari, 3192, 3448; Muslim, 220, 407). Həmçinin oxşar hədisi İbn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmiş və bunu əlavə etmişdir: “ölümündən əvvəl”, yəni Məryəm oğlu İsanın (ona salam olsun) ölümündən əvvəl”. Əbu Hureyra bu sözü üç dəfə təkrarladı”.
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Məryəm oğlu İsa Fəcc ər-Ravhə (Məkkə ilə Mədinə arasında yerləşən yer adıdır). adlanan yerdə təlbiyə deyərək həcc üçün və ya ümrə üçün, yaxud hər ikisi üçün birdən niyyət edəcək”. Həmçinin hədisi Muslim də rəvayət etmişdir./*əl-Musnəd (7271); Muslim (1/356-357). (Əhməd Şakir). Əhməd, 10661, 10671. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Məryəm oğlu İsa yer üzünə enəcək, donuzları məhv edəcək, xaçları sındıracaq və insanlar onun arxasında namaz qılmaq üçün toplaşacaqlar. İnsanlara o qədər mal-dövlət verəcək ki, sonda heç kəs sədəqə götürmək istəməyəcək. Cizyəni ləğv edəcək, ər-Ravhə adlanan yerə gələrək oradan həcci və ya ümrəni, yaxud hər ikisini birdən yerinə yetirəcək”. Sonra Əbu Hureyra: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin” ayəsini sonuna qədər oxudu. Hənzalə Əbu Hureyranın (Allah ondan razı olsun) “Kitab əhlindən elə bir kəs olmaz ki, İsanın (ona salam olsun) ölümündən əvvəl ona iman gətirməsin” dediyini iddia etmişdir. Lakin mən bilmirəm, bu cümlənin hamısı Peyğəmbərin ﷺ sözüdür, yoxsa Əbu Hureyranın (Allah ondan razı olsun) öz sözüdür?” Eyni hədisi İbn Əbu Hatim də rəvayət etmişdir. (əl-Musnəd (7890). (Əhməd Şakir). Əhməd, 7903. Şueyb əl-Arnavut isnadının Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).
əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Məryəm oğlu (İsa) yanınıza nazil olacağı, üstəlik sizə imamlıq edən adamın (Burada Fatimənin (Allah ondan razı olsun) nəslindən olacaq şəxs, Mehdi ləqəbi ilə tanınmış Muhəmməd ibn Abdullah nəzərdə tutulur. Çünki İsa (ona salam olsun) endiyi zaman müsəlmanlar Mehdinin arxasında namazda olacaqlar və İsa (ona salam olsun) müsəlmanlarla birlikdə Mehdinin arxasında namaz qılacaq. Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Ümmətimdən bir qrup insan Qiyamət gününədək haqq üzərində vuruşaraq qələbə çalmaqda davam edəcək. Nəhayət, Məryəm oğlu İsa enəcək və müsəlmanların əmiri (ona) “Gəl, bizə namaz qıldır” deyəcək. İsa isə belə buyuracaq: “Xeyr! Allahın bu ümmətə olan lütfü sayəsində sizin bir qisminiz digərlərinizin üzərində əmirdir”. (Muslim, 225, 412). öz içinizdən olacağı zaman sizin halınız (sevinciniz) necə olacaq?!” Hədisi İmam Əhməd və Muslim də rəvayət etmişlər. (əl-Buxari (6/357-358); Muslim (1/54); Əhməd (7666). (Əhməd Şakir). əl-Buxari, 3193, 3265, 3449).
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları (şəriətləri) müxtəlif olsa da, dinləri (əqidələri) birdir. Məryəm oğlu İsaya ən yaxın olan mənəm, çünki mənimlə onun arasında peyğəmbər yoxdur. O, yer üzünə enəcək. Onu görsəniz, tanıyacaqsınız: ortaboylu, alyanaq, ağbəniz bir adamdır. Əynində yüngül sarı rəngdə iki paltar olacaq. Başı yaş olmasa da, sizə elə gələcək ki, sanki başında su damcıları var. İsa xaçları sındıracaq, donuzları öldürəcək, cizyəni ləğv edəcək, insanları İslama dəvət edəcək. Onun zamanında Allah İslamdan başqa bütün dinləri aradan qaldıracaq və onun zamanında (İsanın əli ilə) Məsih Dəccalı həlak edəcək. Sonra yer üzündə əmin-amanlıq olacaq. Dəvələr aslanlarla, inəklər pələnglərlə, qoyunlar qurdlarla birlikdə otlayacaq, uşaqlar ilanlarla oynayacaq və ilanlar onlara zərər verməyəcək. İsa yer üzündə qırx il qalacaq, sonra vəfat edəcək və müsəlmanlar ona cənazə namazı qılacaqlar”. Bu hədisi Əbu Davud da rəvayət etmişdir. İbn Cərir bu ayənin təfsirində bu hədisi qeyd etməmişdir. (Əhməd (9259, 9630, 9631, 9632); ət-Tabəri (10830). Hədislərin isnadları səhihdir. Həmçinin əl-Hakim (2/595) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 9259; İbn Hibban, 6822. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Dünyada da, Axirətdə də insanların Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. Əslində, peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları (şəriətləri) ayrı olsa da, dinləri (əqidələri) birdir”. (əl-Buxari (6/354); əl-Hakim (2/592). (Əhməd Şakir).
Muslim “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Rumlar əl-Əmaq və ya Dəbiq ərazisinə çatmayınca Qiyamət baş verməyəcək. Mədinədən onlara qarşı o dövrün ən yaxşı adamlarından ibarət bir ordu çıxacaq. Ordular döyüş üçün qarşı-qarşıya tam düzüləndə rumlar müsəlmanlara deyəcəklər: “İmkan verin, bizi əsir alanlarla döyüşək!” Müsəlmanlar “Xeyr! Allaha and olsun ki, qardaşlarımızı sizinlə tək qoymarıq!”- deyib onlarla döyüşəcəklər. Müsəlman ordusunun üçdə biri məğlub olub döyüşdən qaçacaq və Allah onları heç vaxt tövbə etməyə müvəffəq etməyəcək. Üçdə biri qətlə yetiriləcək və onlar Allah dərgahında ən yaxşı şəhidlərdən olacaqlar. Yerdə qalan üçdə biri isə qalib gələcək və onlar arasında heç vaxt fitnə baş verməyəcək. Məhz onlar Konstantinopolu (İstanbul şəhərini) fəth edəcəklər. Müsəlmanlar qılınclarını zeytun ağacından asıb qənimətləri bölüşdürdükləri bir vaxtda şeytan səslənəcək: “Məsih Dəccal sizin ailənizə basqın etdi!” Onlar geri çəkiləcəklər, ancaq xəbər yalan olacaq və Şama gəlib çatanda Məsih Dəccal çıxacaq. Onlar Dəccalla döyüşə hazırlaşaraq cərgələrə düzülərkən namaz vaxtı yetişəcək. Bu vaxt Məryəm oğlu İsa (ona salam olsun) nazil olacaq və onlara namazda imamlıq edəcək. Allahın düşməni (Dəccal) onu gördükdə, duz suda əridiyi kimi əriyəcək. Əgər onu buraxsaydı, yox olana qədər əriyərdi, lakin Allah Dəccalı İsanın əli ilə öldürəcək. İsa onlara onun qanını öz nizəsində göstərəcək”. (Muslim (2/365). əl-Əmaq - Hələblə Antakiya şəhərləri arasında yerləşən qəsəbədir. Dəbiq - Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən kənd adıdır. (Əhməd Şakir). Muslim, 5157, 7460).
İmam Əhməd İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Meraca aparıldığım gecə İbrahim, Musa və İsa ilə görüşdüm. Onlar Qiyamət barədə söhbət edirdilər. Bu barədə İbrahimdən soruşdular. İbrahim “Bu barədə mənim məlumatım yoxdur” dedi. Musadan soruşdular, o da “Bu barədə mənim məlumatım yoxdur” deyə cavab verdi. Nəhayət, İsaya yönəldilər. O dedi: “Qiyamətin baş vermə vaxtına gəlincə, onu Allahdan başqa heç kim bilmir. Rəbbim mənə Dəccalın çıxacağını vəd vermişdir. Mənim əlimdə iki qılınc olacaq. Dəccal məni gördükdə qurğuşun odda əridiyi kimi əriyəcək. Məni gördükdə Allah onu həlak edəcək. Beləcə, Allah kafirləri məhv edəcək, hətta iş o yerə gəlib çatacaq ki, daş və ağac “Ey müsəlman, mənim arxamda kafir var, gəl onu öldür!” deyəcək. Sonra insanlar ölkələrinə və vətənlərinə dönəcəklər. Bu əsnada Yəcuc və Məcuc tayfaları (səddi yarıb) çıxacaq. Onlar yüksək təpələrdən axışıb gələcəklər və ölkələri tapdalayacaqlar. Rastlarına çıxan hər şeyi darmadağın edəcəklər, yanından keçdikləri hər suyu içəcəklər. Sonra insanlar onlardan mənə şikayət etmək üçün gələcəklər. Mən Allaha onlardan ötrü bəddua edəcəyəm və Allah onları həlak edib öldürəcək. Yer üzünü onların pis qoxuları bürüyəcək. Allah bir yağış endirəcək və bu yağış onların cəsədlərini yuyub dənizə atacaq. Uca Rəbbim mənə vəd vermişdir ki, bütün bunlar baş verərsə, doqquz ayı tamamlamış hamilə qadının səhər, yoxsa axşam doğacağını gözləyən ailənin gözlədiyi kimi, Qiyamətin baş verməsi gözləniləcək”. Bu hədisi İbn Məcə də rəvayət etmişdir. (Əhməd (3556); İbn Məcə (4081). Hər ikisinin isnadları səhihdir. Həmçinin, əl-Hakim (4/448, 449, 545, 546) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). Əhməd, 3556; İbn Məcə, 4081; əl-Hakim, 3448. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4318, Daif əl-Cami, 4709).
İmam Əhməd Əbu Nədranın belə dediyini rəvayət etmişdir: “Bir dəfə cümə günü bizdə olan Quran kitabı ilə Osman ibn Əbul-Asda olan Quran kitabını müqayisə etmək üçün onun yanına getdik. Cümə namazının vaxtı çatdıqda o bizə qüsl almağı əmr etdi. Sonra ətir gətirdi və biz ətirlənib məscidə getdik. Məscidə girib bir kişinin yanında oturduq. O bizə Dəccal barədə danışdı. Bir az keçmişdi ki, Osman ibn Əbul-As gəldi və biz qalxıb onun yanında oturduq. Osman ibn Əbul-As dedi: “Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “O vaxt müsəlmanların üç məmləkəti olacaq: bir məmləkət iki dənizin birləşdiyi yerdə, bir məmləkət əl-Həyrada, (İraqda yerləşən şəhər adıdır. Kufədən 7 km uzaqlıqda yerləşir). bir məmləkət isə Şamda olacaqdır. İnsanlar üç dəfə dəhşətli qorxu yaşayacaqlar. Onların arasında Dəccal çıxacaq və şərq tərəfdən gələrək əvvəlcə iki dənizin birləşdiyi yerdəki məmləkətə çatacaq. O məmləkətin əhalisi üç dəstəyə bölünəcək: Bir dəstə məmləkətdə qalacaq və “Yoxlayaq, görək bu kimdir?” deyəcək. Bir dəstə qaçıb bədəvi ərəblərə qoşulacaq. Üçüncü dəstə isə qonşu məmləkətə sığınacaq. Dəccalın yanında əyinlərində yaşıl bürüncək (Burada varlılar nəzərdə tutulur, yəni Dəccala yetmiş min varlı insan tabe olacaq). olan yetmiş min insan olacaq. Ona tabe olanların əksəriyyəti yəhudilər və qadınlar olacaq. Dəccal bir məmləkəti ram etdikdən sonra yanındakı məmləkətə keçəcək. Bu məmləkətin əhalisi də üç yerə bölünəcək: Bir dəstə məmləkətdə qalacaq və “Yoxlayaq, görək bu kimdir?” deyəcək. Bir dəstə qaçıb bədəvi ərəblərə qoşulacaq. Üçüncü dəstə isə Şamın qərbindəki qonşu məmləkətə sığınacaq. Müsəlmanlar Ufeyq adlanan yüksəkliyi aşacaqlar və özlərinə aid bir qoyun sürüsünü otlamağa yollayacaqlar. Sürüləri ələ keçəcək və bu onlara çox ağır gələcək. Bu səbəbdən şiddətli bir aclığa və çətinliyə düçar olacaqlar. Aclıq o dərəcəyə gəlib çatacaq ki, onlardan biri yayının ipini yandırıb yeyəcək. Onlar bu halda ikən səhər vaxtı bir carçı “Ey insanlar, sizə yardım gəldi!” deyə üç dəfə səslənəcək. Onlar bir-birlərinə “Şübhəsiz ki, bu, tox bir adamın səsidir” deyəcəklər. Məryəm oğlu İsa Sübh namazı vaxtı enəcək və müsəlmanların başçıları ona “Ey Allah tərəfindən göndərilən Ruh, qabağa keç və bizə namaz qıldır!” deyəcəklər. İsa deyəcək: “Bu ümmətin imamları özlərindəndir”. Müsəlmanların əmiri önə keçib namaz qıldıracaq. Namaz bitdikdən sonra İsa qısa nizəsini götürüb Dəccala tərəf gedəcək. Dəccal onu gördükdə, qurğuşun odda əridiyi kimi, əriyəcək və İsa nizəsini onun sinəsinə batıraraq öldürəcək. Dəccalın ordusu məğlub olacaq. O gün onları heç nə gizlətməyəcək. Hətta ağac və daş belə “Ey mömin, bu kafirdir (gəl onu öldür)!” deyəcək”. Bu hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (4/216-217 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 17900, 17931, 18060; əl-Hakim, 8473; İbn Əbu Şeybə, 37478, 38633. Şueyb əl-Arnavut zəif olduğunu bildirmişdir).
Muslim Nəvvas ibn Səmanın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir gün Allah Elçisi ﷺ Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdı ki, biz onun yaxınlıqdakı xurmalıqda olduğunu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o bizim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdın ki, biz onun yaxınlıqdakı xurmalıqda olduğunu güman etdik”. O dedi: “Sizə görə Dəccaldan daha çox başqa şeylərdən qorxuram. Əgər o, mən sizin aranızda ikən peyda olarsa, mən sizi ondan müdafiə edərəm. Yox əgər mən aranızda olmayanda peyda olarsa, onda hər kəs özü ondan qorunmalıdır. Allah hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən, Dəccal qıvrım saçlı, bir gözü sönmüş (ağarmış), haradasa Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, “əl-Kəhf” surəsinin ilk ayələrini ona qarşı oxusun. Həqiqətən, o, Şamla İraq arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, ona qarşı (dininizdə) sabit olun!” Biz soruşduq: “Ey Allahın Elçisi! O, yer üzərində nə qədər qalacaq?” O dedi: “Qırx gün qalacaq, onlardan bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaq”. Biz soruşduq: “Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?” O dedi: “Xeyr, namazın vaxtlarını özünüz təqribi müəyyən edin!” Biz soruşduq: “Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?” O dedi: “Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o, göyə əmr edəcək və göy dərhal yağış yağdıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri əvvəl heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və belləri uzun halda geri qayıdacaq. Sonra o, digər bir qövmün yanına gəlib onları da özünə iman gətirməyə çağıracaq. Lakin həmin qövm onun sözünü rədd edəcəkdir. O, qövmdən üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaq. O, bir xarabalığın yanından keçəndə ona “Öz xəzinələrini üzə çıxart!” deyəcək və (bal arılarının) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcək. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcək. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaq. Sonra o, cavan oğlanı çağıracaq, o da həmin anda dirilib sevincək onun yanına gələcəkdir. Elə o vaxt Allah Məryəm oğlu Məsihi (ona salam olsun) göndərəcək. O, iki sarı paltarda, əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ minarəyə enəcək. O, başını aşağı saldıqda sanki saçından su damcıları, başını qaldırdıqda isə incitək mirvarilər düşəcəkdir. Onun nəfəsinin qoxusunu hiss edən hər bir kafir mütləq öləcək. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çatacaq. İsa Dəccalı axtaracaq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək.
Sonra Məryəm oğlu İsa (ona salam olsun) Allahın (Dəccalın şərindən) qoruduğu bir qövmün yanına gəlib əlini onların üzünə sürtəcək və onların Cənnətdəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: “Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığınacaq ver!” Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabəriyyə (Tiberiya) gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: “Nə vaxtsa burada su olub”. Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaq. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər. Allah (Yəcuc və Məcuc tayfalarının) boyunlarına qurdlar salacaq və səhəri hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabələri dağdan aşağı enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfalarının cəsədlərinin) piylərinin və çürüntülərinin qoxusundan salamat, bir qarış da olsun, yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvələrin boyunlarına bənzər (uzun boylu) quşlar göndərəcək. (Quşlar cəsədləri) götürüb Allahın istədiyi yerə aparacaqlar. Sonra Allah elə bir yağış göndərəcək ki, gildən düzəldilən heç bir ev ondan qoruna bilməyəcək. O, yer üzündə (nə varsa) yuyub aparacaq, hətta onu güzgüyə bənzər bir hala salacaq. Sonra yer üzünə “Meyvələrini bitir və bərəkətini ver!” deyiləcək. Həmin vaxt bir dəstə insan bir dənə narı yeməklə doyacaq və narın böyüklüyündən onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir dəstə insana kifayət edəcək. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcək. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (möminləri) qoltuqlarının altından yaxalayacaq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) aparacaq. (Yer üzündə) insanların ən şər olanları qalaraq orada eşşəklər kimi cinsi əlaqədə olacaqlar. Qiyamət saatı da onların üzərində qopacaq”. Hədisi İmam Əhməd və “Sunən” sahibləri rəvayət etmişlər. Hədisi İmam Əhmədin rəvayəti ilə “əl-Ənbiya” surəsinin “Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman ...” (“əl-Ənbiya”, 96) ayəsinin təfsirində təkrar qeyd edəcəyik. (Muslim (2/376-377); Əhməd (17706). (Əhməd Şakir). Muslim, 5228, 7560).
Muslim “Səhih” əsərində Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bir kişi onun yanına gəlib dedi: “Rəvayət etdiyin bu hədis nədir? Deyirsən ki, heç şübhəsiz, Qiyamət filan və filan vaxta qədər qopacaq?!” Abdullah “Subhən-Allah!” (Allah pak və müqəddəsdir!), yaxud “Lə iləhə illəlləh” (Allahdan başqa haqq məbud yoxdur) və ya buna oxşar bir söz söylədi. Sonra belə davam etdi: ”Özümə söz vermişdim ki, heç vaxt heç kimə hədis rəvayət etməyəcəyəm. Mən ancaq dedim ki, siz az zamandan sonra böyük hadisələr görəcəksiniz. Allahın Evi (Kəbə) yandırılacaq və belə, belə olacaq”. Sonra dedi: “Peyğəmbər ﷺ belə demişdir: “Dəccal ümmətimin arasında peyda olacaq və qırx (zaman) qalacaq”. (Bilmirəm, qırx günmü dedi, yoxsa qırx aymı dedi, yoxsa qırx ilmi.) Sonra Uca Allah Məryəm oğlu İsanı göndərəcək. O, Urvə ibn Məsuda oxşayır. İsa Dəccalı tapıb öldürəcək. Sonra insanlar iki adam arasında heç bir düşmənçiliyin olmayacağı (əmin-amanlıq içində) yeddi il keçirəcəklər. Sonra Uca Allah Şam tərəfdən soyuq bir külək göndərəcək və bu külək yer üzündə qəlbində zərrə qədər xeyir, yaxud iman olan hər kəsin ruhunu alacaq. Hətta sizlərdən biri dağın içinə girmiş olsa belə, külək oraya girib onun ruhunu alacaq”. Mən bunları Peyğəmbərdən ﷺ eşitmişəm. Həmçinin Peyğəmbər ﷺ demişdir: “Bu zaman yer üzündə ən pis insanlar – fəsad törətməkdə quş kimi cəld, zülm etməkdə isə yırtıcı heyvanlar kimi vəhşi olan insanlar qalacaqlar. Nə bir yaxşılıq edəcəklər, nə də bir pislikdən çəkindirəcəklər. Şeytan onlara görünərək “Mənə tabe olacaqsınızmı?” deyəcək. Onlar “Bizə nə əmr edirsən?” deyə cavab verəcəklər. Şeytan onlara bütlərə ibadət etməyi əmr edəcək. Onlar bolluq və firavanlıq içində yaşamağa davam edərkən sura üfürüləcək. Bunu eşidən hər kəs diksinərək boynunu büküb qaldıracaq. Onu ilk eşidən dəvələrinin hovuzunu palçıqlayan bir adam olacaq. O adam dərhal öləcək və insanlar da öləcəklər. Sonra Allah şeh kimi, yaxud kölgə kimi bir yağış göndərəcək. Yaxud yağış endirəcək. Bu yağışdan insanların cəsədləri bitəcək. Uca Allah buyurur: “Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar” (“əz-Zumər”, 68). Sonra “Ey insanlar, Rəbbinizə tərəf gəlin! Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (“əs-Saffət, 24)” deyiləcək. Sonra “Cəhənnəmlik olanları çıxarın!” deyiləcək. “Neçə adamdan?” deyə soruşulacaq. “Hər min adamdan doqquz yüz doxsan doqquzunu!” deyiləcəkdir. Məhz bu gün “uşaqları ağsaçlı qocalara döndərəcək” (“əl-Muzzəmmil”, 17) və məhz bu gün “Baldır açılacağı” (“əl-Qaləm”, 42) gündür”. Həmçinin hədisi ən-Nəsəi “Təfsir” bölməsində rəvayət etmişdir. (Muslim (2/378-379); Əhməd (6555). (Əhməd Şakir). Muslim, 5233, 7568; İbn Hibban, 7353).
İmam Əhməd rəvayət etmişdir ki, Mucəmmi ibn Cəriyə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Məryəm oğlu Məsih, Dəccalı Ludd qapısında və ya Ludd qapısının yanında öldürəcək”. (Əhməd, 15507, 15548, 18018, 18152. Şueyb əl-Arnavut hədisin səhih li-ğeyrihi olduğunu bildirmişdir). Abdullah ibn Ubeydullah ibn Sələbə, Abdur-Rahmən ibn Yəziddən, o da əmisi Mucəmmi ibn Cəriyədən rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Məryəm oğlu (İsa), Dəccalı Ludd qapısında öldürəcək”. Hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir: “Hədis səhihdir”. Həmçinin demişdir: “Bu mövzuda İmran ibn Husayn, Nafi ibn Utbə, Əbu Bərzə, Huzeyfə ibn Useyd, Əbu Hureyra, Keysən, Osman ibn Əbul-As, Cabir, Əbu Uməmə, İbn Məsud, Abdullah ibn Amr, Səmura ibn Cundub, Nəvvas ibn Səman, Amr ibn Auf və Huzeyfə ibn əl-Yəmənin hədisləri var. Allah onların hamısından razı olsun”. (Əhməd (15535); ət-Tirmizi (3/239). (Əhməd Şakir). ət-Tirmizi, 2244, 2410; İbn Hibban, 6811. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8126).
ət-Tirmizinin bu ravilərin rəvayətlərini qeyd etməkdə məqsədi bu rəvayətlərdə Dəccal və Məryəm oğlu İsanın (ona salam olsun) onu öldürməsinin zikr edilməsidir. Yalnız Dəccaldan bəhs edən hədislər isə çox sayda ravilər tərəfindən rəvayət edilib yayıldığına görə sayıla bilməyəcək qədər çoxdur.
İmam Əhməd Huzeyfə ibn Useyd əl-Ğifarinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz aramızda Qiyaməti müzakirə edərkən Peyğəmbər ﷺ evindən gəlib söhbətin üstünə çıxdı və belə dedi: “Siz on əlaməti görmədikcə Qiyamət qopmayacaq. Bu əlamətlər: Günəşin batdığı yerdən çıxması, (Peyğəmbər ﷺ demişdir: “Günəş batdığı yerdən doğmayınca Qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək, yəni hamısı bu həqiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” (“əl-Ənam”, 158). (əl-Buxari, 4270, 4636). tüstünün gəlməsi, (Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və insanları bürüməsi nəzərdə tutulur. Quran və Sünnədə bunu təsdiqləyən neçə-neçə dəlillər var. Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır” (“əd-Duxan”, 10-11). yerdən heyvan çıxması, (Uca Allah buyurur: “O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər” (“ən-Nəml”, 82). Yəcuc və Məcuc tayfalarının axışıb gəlməsi, Məryəm oğlu İsanın enməsi, Dəccalın zühuru, üç yerdə – şərqdə, qərbdə və ərəbistan yarımadasında yerəbatma hadisəsinin olması, bir də Ədən torpaqlarının dərinliklərindən püskürən alovun insanları qarşısına qataraq bir yerə toplamasıdır. Bu alov insanları səhər-axşam təqib edəcəkdir”. Hədisi Muslim və “Sunən” əsərlərinin müəllifləri də rəvayət etmişlər. (Əhməd (16213); Muslim (2/366-367). (Əhməd Şakir). Əhməd, 16188-16189, 16244, 23877; Muslim, 5162, 7467. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
Əbu Hureyra, İbn Məsud, Osman ibn Əbul-As, Əbu Uməmə, Nəvvas ibn Səman, Abdullah ibn Amr ibn əl-As, Mucəmmi ibn Cəriyə və Huzeyfə ibn Useydin (Allah onlardan razı olsun) rəvayətləri ilə Peyğəmbərdən ﷺ nəql edilən bu hədislər mutəvatir (Mutəvatir hədis, yalan danışacaqları təsəvvür olunmayan, isnadın əvvəlindən axırınadək bir toplumun digərindən rəvayət etdiyi hədisdir. Mutəvatir hədisin şərtləri aşağıdakılardır:
– isnadındakı ravilərin sayının kifayət qədər çox olması;
– ravilərin yalan üzərində ittifaq etməsinin qeyri-mümkünlüyü;
– isnadın hər təbəqəsində olan ravilərin sayının kifayət qədər çox olması;
– isnadın Peyğəmbərə ﷺ qədər yüksəlməsi (“İhtimam əl-Muhəddisin”, 1/141-142). hədislərdir. Allah onlardan razı olsun! Bu hədislər İsanın (ona salam olsun) necə və harada yerə enəcəyinə dəlalət edir. Enəcəyi yer Şamda, Dəməşqin şərqindəki minarənin yanında olacaq. Bu hadisə Sübh namazı üçün iqamə veriləcəyi vaxt baş verəcək. Əsrimizdə, yəni hicri 741-ci ildə Əməvi məscidində xaçpərəstlər tərəfindən törədilən bir yanğın səbəbi ilə uçurulan minarənin yerinə, yonma ağ daşdan bir minarə tikilmişdir. Yıxılan minarə xaçpərəstlərin öz mallarının hesabına alınmış daşlardan tikilmişdi. Böyük ehtimala görə, Məryəm oğlu İsa (ona salam olsun) məhz bu minarənin üzərinə enəcək. əl-Buxari və Muslimin “Səhih” əsərlərində keçən hədislərdə bildirildiyi kimi o, donuzları öldürəcək, xaçları sındıracaq, cizyəni ləğv edəcək və insanlardan İslam dinindən başqa bir din qəbul etməyəcək. Peyğəmbər ﷺ bunu xəbər vermiş, zehnlərə yerləşdirmiş və qəti dəlil olaraq qoymuşdur ki, o zaman İsa (ona salam olsun) yerə endikdə Kitab əhlinin ona tabe olmamaq üçün üzrləri qalmasın, şübhələri aradan qalxsın. İsa (ona salam olsun) yerə endikdən sonra insanlar ona tabe olaraq onun vasitəsilə İslam dinini qəbul edəcəklər. Bu səbəbdən Uca Allah ayədə: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, Qiyamət günü onların əleyhinə şahid olacaqdır”- buyurur.
Bu ayə məna baxımından Uca Allahın “Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir” (“əz-Zuxruf”, 61) ayəsinə bənzəyir. Çünki İsanın (ona salam olsun) enməsi Qiyamətin yaxınlaşmasına bir dəlil və işarədir. O, Dəccalın zühurundan sonra yerə enəcək və Uca Allah Dəccalı onun əli ilə məhv edəcək. Uca Allah İsanın (ona salam olsun) dövründə Yəcuc və Məcuc tayfalarını göndərəcək və onun duasının bərəkəti ilə onları həlak edəcək. Uca Allah buyurur: “Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman; haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir” (“əl-Ənbiya”, 96-97). (Sonra İbn Kəsir İsanın (ona salam olsun) vəsfi barədə hədisləri qeyd etmişdir, lakin biz bu hədisləri qeyd etməyi lüzum görmədik. Bu barədə bilmək istəyən İbn Kəsirin təfsirinə və “Tarix” (2/96-101) əsərinə baxa bilər. (Əhməd Şakir).
Uca Allah buyurur: “Lakin o, Qiyamət günü onların əleyhinə şahid olacaqdır”. Qatədə bu ayənin təfsirində belə demişdir: “İsa (ona salam olsun) Allahın göndərdiyi dini onlara təbliğ etməsi və özünün də Allahın qulu olması barədə onların əleyhinə şahidlik edəcək”. Bu ayə Uca Allahın “əl-Maidə” surəsinin sonundakı “Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (“əl-Maidə”, 116-118) ayələrinə bənzəyir.
 
ən-Nisa, 160-162
فَبِظُلْمٍ مِنَ الَّذِينَ هَادُوا حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَنْ سَبِيلِ اللَّهِ كَثِيرًا * وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُوا عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا * لَكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَالْمُقِيمِينَ الصَّلَاةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أُولَئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا
160. Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə, daha öncə halal edilmiş gözəl nemətləri onlara haram etdik.
161. Həm də qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
162. Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük mükafat verəcəyik.
 
Uca Allah bu ayələrdə böyük günahlar işlədib özlərinə zülm etdiklərinə görə yəhudilərə daha əvvəl halal etdiyi gözəl nemətləri haram etdiyini xəbər verir. Haram etmək dedikdə, ya yəhudilərin öz Kitablarını təhrif edərək daha əvvəl halal olan şeyləri haram etməklə özlərini çətinliyə salmaları, ya da Uca Allahın, daha əvvəl onlara halal etdiyi bəzi nemətləri cəza olaraq Tövratda haram etməsi nəzərdə tutulur. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yəqubun) özünə haram etdiklərindən savayı, bütün yeməklər İsrail oğullarına halal idi” (“Ali-İmran”, 93). Bu ayənin təfsiri barədə əvvəl danışmışıq. Burada nəzərdə tutulan budur ki, İsrailin (ona salam olsun) özünə dəvə əti ilə dəvə südünü haram etməsindən başqa, bütün yeməklər Tövrat nazil olmamışdan əvvəl yəhudilərə halal idi. (“Ali-İmran” surəsinin 93-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Sonra Uca Allah Tövratda bir çox şeyləri haram etdi. Necə ki “əl-Ənam” surəsində Uca Allah buyurur: “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq” (“əl-Ənam”, 146). Yəni bunları onlara haram etdik, çünki onlar azğınlıqlarına, həddi aşmalarına və öz peyğəmbərlərinə qarşı çıxdıqlarına görə buna layiqdirlər. Bu səbəbdən Uca Allah ayədə “Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə, daha öncə halal edilmiş gözəl nemətləri onlara haram etdik” buyurur. Yəni həm özlərini, həm də başqalarını haqqa tabe olmaqdan yayındırdılar. Bu onların həm qədim zamanlarda, həm də indiki zamanda vəsf olunduqları daimi bir xüsusiyyətləridir. Bu xüsusiyyətə görə, onlar həmişə peyğəmbərlərə düşmən olmuşlar, bir çox peyğəmbəri öldürmüşlər, İsa və Muhəmmədi inkar etmişlər. Onların hər ikisinə Allahın salavatı və salamı olsun!
Uca Allah buyurur: “Həm də qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik”, Allah onlara sələm yeməyi qadağan etdiyi halda, onlar öz aralarında sələm alıb yemişlər, müxtəlif şübhəli yollarla və hiylələrlə insanların mallarını haqsızcasına mənimsəmişlər. Uca Allah buyurur: “Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq”.
Sonra Uca Allah buyurur: “Lakin onlardan elmdə qüvvətli olanlar ...”, yəni dinlərində sabitqədəm və faydalı elmdə qüvvətli olanlar. Elmdə qüvvətli olanlar barədə “Ali-İmran” surəsində (“Ali-İmran” surəsinin 7-ci ayəsinin təfsirində “elmdə qüvvətli olanlar” barədə danışmışıq. (Əhməd Şakir). ətraflı danışmışıq, “və möminlər sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə yəhudilərdən İslamı qəbul edən və Allahın Muhəmməd ﷺ vasitəsi ilə göndərdiklərini təsdiqləyən Abdullah ibn Sələm, Sələbə ibn Sayə, Zeyd ibn Sayə və Əsəd ibn Ubeyd barədə nazil olmuşdur”.
Uca Allahın “...namaz qılır, zəkat verir” sözündə ya malın zəkatı, ya nəfsin zəkatı (Zəkat sözünün hərfi mənası “təmizləmək” deməkdir. Nəfsin zəkatı dedikdə insanın özünü günahlardan, pis əxlaqi keyfiyyətlərdən təmizləmək nəzərdə tutulur)., ya da hər ikisi nəzərdə tutulur. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allaha və Axirət gününə iman gətirirlər”, yəni onlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını təsdiq edər, habelə öldükdən sonra diriləcəklərinə, xeyir və şər əməllərə görə qarşılığın veriləcəyinə inanarlar. “Biz onlara böyük mükafat”, yəni Cənnət “verəcəyik”.
 
ən-Nisa, 163-165
إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِنْ بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَاوُودَ زَبُورًا * وَرُسُلًا قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِنْ قَبْلُ وَرُسُلًا لَمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ اللَّهُ مُوسَى تَكْلِيمًا * رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
164. Elçilərin bir qismi barəsində daha öncə sənə xəbər verdik, digərləri barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.
165. Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
 
İbn İshaq İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Sukeyn və Adiy ibn Zeyd Peyğəmbərə ﷺ dedilər: “Ey Muhəmməd, Musadan sonra Allahın kiməsə bir şey nazil etdiyini bilmirik”. Onların bu sözlərinə cavab olaraq Uca Allah “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik...” ayələrini endirdi”. (Sukeyn ibn Əbu Sukeyn və Adiy ibn Zeyd hər ikisi Bənu Qaynuqa yəhudi qəbiləsindən olmuşlar. İslama düşmənçilik edən şəxslərdən idilər. Bu hadisə İbn Hişamın “Sira” əsərində gəlmişdir. Həmçinin ət-Tabəri (10840) İbn Hişamın sənədi ilə rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 10840, 10907. Ali-Nasr və əl-Hilali isnadının zəif olduğunu bildirmişlər). Uca Allah bu ayədə əvvəlki peyğəmbərlərə vəhy etdiyi kimi, qulu və elçisi Muhəmmədə ﷺ də vəhy etdiyini qeyd edir. “Davuda da Zəburu verdik”. Zəbur Uca Allahın Davuda (ona salam olsun) vəhy etdiyi kitabın adıdır.
Uca Allah buyurur: “Elçilərin bir qismi barəsində daha öncə sənə xəbər verdik, digərləri barəsində isə sənə heç nə söyləmədik”, yəni elçilərin bir qismi barədə Məkkədə nazil olan surələrdə sənə xəbər vermişik. Uca Allahın Quranda adlarını çəkdiyi peyğəmbərlər bunlardır: Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmail, İshaq, Yaqub, Yusuf, Əyyub, Şueyb, Musa, Harun, Yunus, Davud, Suleyman, İlyas, əl-Yəsə, Zəkəriyya, Yəhya, İsa, təfsirçilərdən bir çoxuna görə, Zülkifl və bütün peyğəmbərlərin ağası Muhəmməd ﷺ.
Uca Allah buyurur: “...digərləri barəsində isə sənə heç nə söyləmədik”, yəni bir çox peyğəmbərlər Quranda zikr edilməyiblər.
Uca Allah buyurur: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. Bu xüsusiyyətlə Uca Allah Musanı (ona salam olsun) şərəfləndirmişdir. Bu səbəbdən Musaya “Kəlim” (Allahla vasitəsiz danışan) deyilir. Hafiz Əbu Bəkr ibn Mərdəveyh Abdul-Cabbar ibn Abdullahın belə dediyini rəvayət etmişdir: “Bir kişi Əbu Bəkr ibn Ayyəşin yanına gəlib dedi: “Mən bir nəfərin bu ayəni “Və Musa Allah ilə sözlə danışdı” şəklində oxuduğunu eşitdim”. Əbu Bəkr dedi: “Bunu ancaq kafir belə oxuyar. Mən bu ayəni əl-Aməşə, əl-Aməş də Yəhya ibn Vəssaba, Yəhya ibn Vəssab da Əbu Abdur-Rahmən əs-Suləmiyə, Əbu Abdur-Rahmən də Əli ibn Əbu Talibə, Əli ibn Əbu Talib isə Peyğəmbərə ﷺ “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” şəklində oxumuşdur”.
Əbu Bəkr ibn Ayyəş ayəni “Və Musa Allah ilə sözlə danışdı” şəklində oxuyana bərk qəzəblənməsinin səbəbi bu idi ki, o, ayəni belə oxumaqla Quranın həm ləfzini, həm də mənasını təhrif etmişdir. Belə oxuyan adam Allahın Musa (ona salam olsun) ilə və ya yaratdıqlarından biri ilə danışmasını inkar edən mötəzilə (Mötəzilə əqidəsi batil firqələrdən biridir. Bu əqidənin mənsubları Uca Allahın Sifətlərini inkar edirlər. Onlara görə, Sifətləri təsdiq etmək tövhidə ziddir. Hətta mötəzilə əqidəsində olanlardan biri demişdir: “Kim Allahın Sifətlərindən birini isbat edərsə, artıq iki ilahın olduğunu demiş olar”). məzhəbindən olub. Rəvayət olunur ki, bir dəfə mötəzilə əqidəsində olan bir nəfər alimlərdən birinə Uca Allahın bu ayəsini “Və Musa Allah ilə sözlə danışdı” şəklində oxuduqda, o alim “Ey yaramazın oğlu, bəs Uca Allahın “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı” (“əl-Əraf”, 143) ayəsini nə edəcəksən?” Yəni bu ayənin mənasını təhrif etmək və dəyişmək mümkün deyil.
Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki...”, yəni bu elçilər Allaha itaət edən, Onun rizasını qazanmağa can atanları müjdələyər, Allahın əmrlərinə qarşı çıxıb göndərdiyi peyğəmbərləri yalan sayanları isə əzab və cəza ilə qorxudarlar.
Uca Allah buyurur: “...insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir”, yəni Uca Allah kitablar nazil etmiş, müjdə verən və qorxudan elçilər göndərmiş, sevib razı qaldığı əməllərlə sevmədiyi əməlləri bəyan etmişdir ki, heç kəsin bir bəhanəsi qalmasın. Necə ki başqa ayələrdə belə buyurur: “Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?” (“Taha”, 134); “Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?” deməsəydilər, səni peyğəmbər göndərməzdik” (“əl-Qəsəs”, 47).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Allahdan daha qeyrətli bir kimsə yoxdur. Elə buna görə də O, murdar əməllərin aşkarını da, gizlisini də haram buyurmuşdur. Tərif olunmağı Allahdan daha çox sevən heç kim yoxdur. Odur ki O, Özünü tərifləyir. Üzrü (qəbul etməyi) Allahdan daha çox sevən yoxdur. Odur ki müjdə verən və qorxudan peyğəmbərlər göndərmişdir”. Hədisin başqa rəvayətində “Odur ki peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir” deyilir. (Əhməd (3616, 4153); Muslim (2/326). (Əhməd Şakir). əl-Buxari, 4271, 4637; Muslim, 4955-4957, 7167-7169).
 
ən-Nisa, 166-170
لَكِنِ اللَّهُ يَشْهَدُ بِمَا أَنْزَلَ إِلَيْكَ أَنْزَلَهُ بِعِلْمِهِ وَالْمَلَائِكَةُ يَشْهَدُونَ وَكَفَى بِاللَّهِ شَهِيدًا * إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ قَدْ ضَلُّوا ضَلَالًا بَعِيدًا * إِنَّ الَّذِينَ كَفَرُوا وَظَلَمُوا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا * إِلَّا طَرِيقَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا * يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الرَّسُولُ بِالْحَقِّ مِنْ رَبِّكُمْ فَآمِنُوا خَيْرًا لَكُمْ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
166. Fəqət Allah sənə nazil etdiyinə şahidlik edər. O bu Quranı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid olaraq Allah yetər.
167. Küfr edən və insanları Allah yolundan sapdıran kimsələr, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşlər.
168. Kafirləri və zalımları Allah əsla bağışlamaz və doğru yola yönəltməz.
169. İçərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır.
170. Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
 
Uca Allahın “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik” ayəsi Muhəmmədin ﷺ peyğəmbərliyinin təsdiqi olub, onun peyğəmbərliyini inkar edən müşriklərə və Kitab əhlinə rədd mənası daşıdığı üçün, Uca Allah burada “Fəqət Allah sənə nazil etdiyinə şahidlik edər” buyurur. Yəni ey Peyğəmbər, səni yalançı hesab edərək sənə qarşı çıxan kafirlər sənə inanmasalar və peyğəmbərliyini inkar etsələr də, bil ki, Uca Allah sənin Onun elçisi olduğuna və sənə Kitab nazil etdiyinə şahidlik edir. O Kitab Əzəmətli Qurandır. “Batil ona nə önündən, nə də arxasından girişə bilər. O, müdrik, tərifəlayiq Allah tərəfindən nazil edilmişdir” (“Fussilət”, 42). Bu səbəbdən Uca Allah ayənin davamında “O, bu Quranı Öz elmi ilə nazil etdi” buyurur. Yəni bu Quran özündə Allahın qullarına bildirmək istədiyi elmi daşıyır. Onda açıq-aydın ayətlər, doğru yol, haqla batili ayıran dəlillər, Allahın sevib razı qaldığı əməllərlə sevmədiyi əməllərin bəyanı, keçmişə və gələcəyə dair qeyb elmləri və Uca Allahın öyrətdiyi peyğəmbər və mələklərdən başqa heç kəsin bilmədiyi müqəddəs Sifətləri barədə məlumatlar var. Uca Allah başqa ayələrdə belə buyurur: “Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər” (“əl-Bəqərə”, 255); “Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!” (“Taha”, 110).
İbn Əbu Hatim Əta ibn Saibin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əbu Abdur-Rahmən əs-Suləmi mənə Quran oxutdu. Ona kimsə Quran oxuduqda belə deyərdi: “Allahın elmindən bir pay götürmüsən. Bu gün səndən üstün heç kim yoxdur. Yalnız əməli ilə səni üstələyənlər istisnadır”. Sonra bu ayəni oxudu: “O bu Quranı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid olaraq Allah yetər”. (İbn Əbu Hatim, 6296).
Uca Allah buyurur: “Mələklər də buna şahidlik edərlər. Şahid olaraq Allah yetər”, yəni Allahın sənə şahidlik etməsi ilə bərabər, mələklər də Allahın sənə vəhy nazil etməsinə və sənə nazil olanın doğruluğuna şahidlik edərlər. “Şahid olaraq Allah yetər”. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə yəhudilərdən ibarət bir dəstə Peyğəmbərin ﷺ yanına daxil oldu. Peyğəmbər ﷺ onlara dedi: “Allaha and olsun ki, siz mənim Allahın Elçisi olduğumu bilirsiniz”. Onlar “Biz bunu bilmirik” dedilər. Uca Allah da onlara cavab olaraq bu ayəni nazil etdi: “Fəqət Allah sənə nazil etdiyinə şahidlik edər. O bu Quranı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid olaraq Allah yetər”. (ət-Tabəri (10850, 10851). (Əhməd Şakir). İbn Əbu Hatim, 6295; ət-Tabəri, 10850, 10916. Ali-Nasr və əl-Hilali isnadının zəif olduğunu bildirmişlər).
Uca Allah buyurur: “Küfr edən və insanları Allah yolundan sapdıran kimsələr, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşlər”, yəni onlar özləri kafir olmuş və haqqa tabe olmamışlar, üstəlik insanları da haqqa tabe olmaqdan döndərməyə çalışmışlar. Beləliklə də, haqq yolundan çıxaraq azmışlar və ondan tamamilə uzaqlaşmışlar.
Sonra Uca Allah Onun ayələrini, Kitabını və Elçisini ﷺ inkar etməklə, insanları Allahın yolundan azdırmaqla, günah işlər görməklə, Allahın haram buyurduqlarını etməklə özlərinə zülm edənlərin hökmünü bildirərək onları əsla bağışlamayacağını və onları “doğru yola”, yəni xeyir yoluna yönəltməyəcəyini bildirir. Sonra Uca Allah istisna edərək “İçərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır” buyurur.
Uca Allah buyurur: “Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə ona iman gətirin! Bu sizin üçün xeyirli olar”, yəni, ey insanlar, Muhəmməd ﷺ hidayəti və Allah tərəfindən haqq olan bir dini sizə tam aydınlığı ilə gətirmişdir. Onun gətirdiyinə siz də iman gətirin və ona tabe olun. Bu sizin xeyrinizə olacaq.
Sonra Uca Allah buyurur: “Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur”, yəni Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Sizin küfr etməyiniz Ona heç bir zərər verə bilməz. Bu ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər. Necə ki başqa ayədə buyurur: “Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir” (“İbrahim”, 8). Burada isə buyurur: “Allah hər şeyi biləndir”, yəni Allah sizdən kimin hidayətə layiq olduğunu bilir və ona hidayət verir, kimin də azmağa layiq olduğunu bilir və onu azdırır. “Hikmət sahibidir”, yəni O, sözlərində, işlərində, qoyduğu şəriətdə və müəyyən etdiyi qədərdə hikmət sahibidir.
 
ən-Nisa, 171
يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ وَلَا تَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ إِنَّمَا الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللَّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ وَلَا تَقُولُوا ثَلَاثَةٌ انْتَهُوا خَيْرًا لَكُمْ إِنَّمَا اللَّهُ إِلَهٌ وَاحِدٌ سُبْحَانَهُ أَنْ يَكُونَ لَهُ وَلَدٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَكَفَى بِاللَّهِ وَكِيلًا
171. Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız haqqı deyin. Məryəm oğu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və (Allah barəsində) “Üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər.
 
Uca Allah bu ayədə Kitab əhlini dində həddi aşmaqdan və İsanı (ona salam olsun) həddən ziyadə tərifləməkdən çəkindirir. Bu xüsusiyyət xristianlarda daha çoxdur. Onlar İsanı (ona salam olsun) tərifləməkdə həddi aşaraq onu Allahın ona verdiyi peyğəmbərlik dərəcəsindən yuxarı qaldırmış, Allahdan başqa bir ilaha çevirmiş və ona Allaha ibadət etdikləri kimi ibadət etmişlər. Hətta özlərini İsanın (ona salam olsun) dinində sayanların bəziləri həddi aşaraq İsanın davamçılarının da günahsız (məsum) olduqlarını iddia etmiş və onların hər dediklərinə – istər haqq olsun, istər batil, istər zəlalət olsun, istər hidayət, istər doğru olsun, istərsə də yalan – tabe olmuşlar. Bu səbəbdən Uca Allah onlar barədə: “Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu” (“Tövbə”, 31) buyurur.
İmam Əhməd Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Xaçpərəstlərin Məryəm oğlu İsanı tərifləməkdə həddi aşdıqları kimi, siz də məni həddən ziyadə tərifləməyin. Mən, sadəcə, Allahın qulu və elçisiyəm”. Əli ibn əl-Mədini hədisin isnadının səhih olduğunu söyləmişdir. Həmçinin hədisi əl-Buxari də rəvayət etmişdir. (əl-Musnəd, (154,164, 331), əl-Buxari, (6/355, 12/128-139,  Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 3189, 3445; Əhməd, 154, 164).
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə bir kişi Peyğəmbərə ﷺ müraciət edərək dedi: “Ey Muhəmməd, ey ağamız, ey ağamızın oğlu, ey ən xeyirlimiz və ən xeyirlimizin oğlu”. Peyğəmbər ﷺ dedi: “Ey insanlar, belə deməkdən çəkinin! Şeytan sizi azdırmasın. Mən Abdullahın oğlu Muhəmmədəm. Allahın qulu və elçisiyəm. Allaha and olsun ki, məni Uca Allahın mənə verdiyi dərəcədən yuxarı qaldırmağınızı istəmirəm”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (əl-Musnəd, (12578). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 12573. Hədis səhihdir. Bax: Ğayətul-Məram fi Təxrici Əhədisil-Hələl val-Həram, 127).
Uca Allah buyurur: “Allah barəsində yalnız haqqı deyin”, yəni Allaha qarşı yalan uydurmayın, Onun zövcəsi və uşağı olduğunu deməyin. Allah bütün bunlardan çox uca və çox uzaqdır. Allah müqəddəsdir, böyüklüyündə, əzəmətində təkdir. Ondan başqa ibadətə layiq ilah və rəbb yoxdur. Bu səbəbdən Uca Allah ayədə “Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur” buyurur. Yəni İsa (ona salam olsun) Allahın qullarından və yaratdığı məxluqlardan biridir. Allah ona “Ol!” demiş, o da var olmuşdur. İsa Allahın göndərdiyi elçilərindən biridir, Allahın Məryəmə göndərdiyi kəlməsidir. Yəni Uca Allah onu Cəbrailin Məryəmə (ona salam olsun) gətirdiyi bir söz ilə yaratmışdır. Cəbrail, Rəbbinin izni ilə ruhundan ona üfürmüş və Allahın izni ilə İsa yaranmışdır. Cəbrail Məryəmin paltarının yaxasına üfürmüş və bu onun övrət yerinə çataraq mayalandırmanı əvəz etmişdir. Bütün bunlar Uca Allahın yaratması ilə baş vermişdir. Buna görə İsaya “Allahın kəlməsi və Allah tərəfindən göndərilən ruh” deyilir. Çünki onun atası yoxdur. O ancaq Uca Allahın ona “Ol!” deməsi ilə Cəbrail vasitəsilə Məryəmə (ona salam olsun) göndərdiyi ruhdan yaranmışdır. Uca Allah bu xüsusda başqa ayələrdə belə buyurur: “Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi” (“əl-Maidə”, 75); “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” dedi, o da oldu” (“Ali-İmran”, 59); “İsmətini qoruyan Məryəmi də yada sal! Biz ona Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik” (“əl-Ənbiya”, 91); “Allah həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan (Cəbrail vasitəsilə) üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (“ət-Təhrim”, 12). Həmçinin Uca Allah Məsihdən (ona salam olsun) bəhs edərək belə buyurur: “O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur” (“əz-Zuxruf”, 59).
İbn Əbu Hatim Əhməd ibn Sinan əl-Vasitinin belə dediyini rəvayət etmişdir: “Şəz ibn Yəhyanın Uca Allahın “Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur” ayəsi haqqında belə dediyini eşitmişəm: “İsa kəlmənin özü olmamışdır, “Ol!” kəlməsi ilə yaranmışdır”. (İbn Əbu Hatim, 6310).
Ayənin bu cür şərh olunması, İbn Cəririn “Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi” ayəsi barədə “Ona öyrətdiyi sözdür” deməsindən daha yaxşıdır. İbn Cərir Uca Allahın “O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir” (“Ali-İmran”, 45) ayəsini də belə şərh etmiş və bu ayələri Uca Allahın “Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir” (“əl-Qəsəs”, 86) ayəsinə bənzətmişdir. (Bax: ət-Tabəri, (6/411,413, 9/418-419). (Əhməd Şakir). Lakin doğru olan budur ki, bu kəlmə Cəbrailin Məryəmə gətirdiyi “Ol!” kəlməsidir. Cəbrail Allahın izni ilə ona üfürmüş və İsa (ona salam olsun) yaranmışdır.
əl-Buxari Ubədə ibn Samitdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim Allahdan başqa heç bir məbudun olmadığına, Onun Tək olduğuna və heç bir şərikinin olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, elçisi, Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən göndərilən bir ruh olduğuna, Cənnətin və Cəhənnəmin haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa olsun, Allah onu Cənnətə daxil edər”. Hədisi Muslim də rəvayət etmişdir. (əl-Buxari, (6/342, Fəth əl-Bari) və Muslim (1/25). (Əhməd Şakir). əl-Buxari, 3180, 3435; Muslim, 41, 149).
Həm ayədə, həm də hədisdə keçən “Onun tərəfindən göndərilən bir ruhdur” sözü, Uca Allahın “Göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur” (“əl-Casiyə”, 13) ayəsi kimidir. Yəni Onun tərəfindən yaradılmışdır. Buradakı مِنْ [min] önqoşması, xaçpərəstlərin dediyi kimi, “bir hissəsi” mənasında deyil, başlanğıc (çıxışlıq hal) mənasındadır. Necə ki digər ayədə də belədir.
Mucahid Uca Allahın “Onun tərəfindən göndərilən bir ruhdur” ayəsi barədə demişdir: “Yəni Onun tərəfindən göndərilmiş bir elçidir”. Digər alimlər isə demişlər: “Yəni Allahdan gələn bir sevgidir”. Lakin birinci təfsir daha qüvvətlidir. Yəni yaradılmış bir ruhdan yaranmışdır. Burada ruhun Allaha nisbət edilməsi isə hörmət və şərəfləndirmək mənasındadır. Necə ki bu ayələrdə “dəvə” və “ev” sözləri hörmət olaraq Allaha nisbət olunmuşdur: “Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir” (“əl-Əraf”, 73), “Evimi təvaf edənlər, namaza duranlar, ruku və səcdə edənlər üçün təmizlə!” (“əl-Həcc”, 26). Necə ki səhih bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Sonra mən Rəbbimdən Onun evinə (Cənnətinə) girməyə izn istəyəcəyəm və mənə izn veriləcəkdir”. Burada Peyğəmbər ﷺ şərəfləndirmə məqsədi ilə evi Allaha nisbət etmişdir. Bunların hamısı eyni qəbildəndir.
Uca Allah buyurur: “Allaha və Onun elçilərinə iman gətirin”, yəni Allahın Tək olduğunu, nə zövcəsinin, nə də övladının olmadığını təsdiq edin. Yəqin bilin ki, İsa (ona salam olsun) Allahın qulu və elçisidir. Bu səbəbdən ayənin ardında “(Allah barəsində): “Üçdür!” deməyin!” buyurur. Yəni İsanı və anasını Allaha şərik qoşmayın. Allah bundan çox uca və çox uzaqdır.
Bu ayə ilə “əl-Maidə” surəsində gələn “Allah üçlüyün üçüncüsüdür!” deyənlər də kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur” (“əl-Maidə”, 116), eyni surənin sonunda “Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən!” (“əl-Maidə”, 116) və əvvəlində gələn “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” deyənlər kafir oldular” (“əl-Maidə”, 72) – bu ayələr dəlalət edir ki, xaçpərəstlər cahil olduqlarına görə küfrlərində həddi aşaraq Allah barədə ziddiyyətli sözlər demişlər. Onların sözləri dağınıq, azğınlıqları isə müxtəlifdir. Onlardan bəziləri İsanın (ona salam olsun) ilah olduğuna, bəziləri onun Allahın şəriki olduğuna, bəziləri isə onun Allahın oğlu olduğuna etiqad edir. Onlar bir çox qruplara, müxtəlif rəylərə və cəm edilməsi mümkün olmayan görüşlərə sahibdirlər. Bəzi filosoflar yaxşı demişlər: “Xristianlardan on adam bir araya gəlsə, mütləq on bir növ rəylə ayrılarlar”. Onların məşhur alimlərindən biri, İsgəndəriyyə şəhərinin papası Səid ibn Batriq bildirmişdir ki, hicri dörd yüzüncü illərdə çox sayda xaçpərəst elm adamları öz aralarında böyük əmanət məclisi qurmuşlar, halbuki, əslində, bu, kiçik və alçaq bir xəyanət toplantısı idi. Bu toplantı məşhur Konstantinopol şəhərinin banisi olan Konstantinin hökmranlığı dövründə baş tutmuşdur. Onlar onun hüzurunda böyük bir ixtilafa düşüb bölünmüşlər. Bu toplantıda iki mindən artıq keşiş iştirak edirdi. Onlardan əlli adam bir rəyin üzərində, iyirmi adam başqa bir rəyin üzərində, yüz adam başqa bir rəyin üzərində, yetmiş adam başqa bir rəyin üzərində durmuşdu. Bu minvalla bundan daha artıq və ya az sayda keşiş bir rəyi dəstəkləyərək çox sayda qruplara bölündülər. Hökmdar (Konstantin) bu qruplardan üç yüz on səkkiz adamın bir rəy üzərində birləşdiyini gördükdə – kral özü dahi filosof idi – onların fikrini götürüb dəstəklədi. Digər rəyləri isə batil rəy kimi qəbul edilməsini əmr etdi. Bu üç yüz on səkkiz nəfərin rəyi qanuniləşdi, onlar üçün kilsələr tikilib kitablar və qanunlar qoyuldu. Onlar kiçik uşaqlara öz etiqadlarını təlqin etmək üçün xaç suyuna salma mərasimini dinə əlavə etdilər. Bu toplumun davamçıları Məlikiyyələr adlanırlar. Sonra bu firqə öz aralarında ikinci dəfə toplaşdılar və bu toplantıda parçalanaraq Yaqubiyyələr firqəsini əmələ gətirdilər. Üçüncü dəfə toplandıqda isə Nasturiyyələr firqəsi meydana gəldi. Bu firqələrin hamısı Məsihin üçlükdən biri olmasını qəbul edirlər. Lakin bunun necəliyində ixtilaf etmişlər. İlah Məsihə çevrilmişdir, yoxsa çevrilməmişdir, yaxud ilah Məsihə qarışmışdır, yoxsa qarışmamışdır? Xaçpərəstlər bu məsələdə üç rəy irəli sürmüşlər və hər rəy sahibi qarşı tərəfin kafir olduğunu iddia etmişdir. Biz isə bu rəy sahiblərinin hər üçünün kafir olduqlarını deyirik. (“Ali-İmran” surəsinin, 55-ci ayəsinin təfsirinə bax. (Əhməd Şakir). Bu səbəbdən Uca Allah onlara müraciət edərək “Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər” buyurur. Yəni göylərdə və yerdə olan hər şey Onun mülküdür və yaratdığıdır. Orada olanların hamısı Onun quludur, Onun idarəçiliyi və hakimiyyəti altındadır. O hər şey üzərində nəzarətçidir. Onun Öz yaratdıqlarından zövcəsi və uşağı necə ola bilər? Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O hər şeyi bilir” (“əl-Ənam”, 101); “Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!” dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək” (“Məryəm”, 88-95).
 
ən-Nisa, 172-173
لَنْ يَسْتَنْكِفَ الْمَسِيحُ أَنْ يَكُونَ عَبْدًا لِلَّهِ وَلَا الْمَلَائِكَةُ الْمُقَرَّبُونَ وَمَنْ يَسْتَنْكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًا * فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُمْ مِنْ فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنْكَفُوا وَاسْتَكْبَرُوا فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
172. Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.
173. İman gətirib xeyirxah işlər görənlərə gəlincə, Allah onların mükafatlarını tam olaraq verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.
 
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər” ayəsi barədə demişdir: “Yəni nə İsa, nə də mələklər Allahın qulu olmağa əsla təkəbbürlük etməzlər”. (İbn Əbu Hatim, 6317). Qatədə bu ayənin təfsirində demişdir: “Yəni İsa Məsih də, yaxın mələklər də Allahın qulu olmaqdan utanmazlar”. Bəzi alimlər bu ayəni dəlil gətirərək mələklərin bəşərdən (insandan) üstün olduğunu demişlər, çünki Uca Allah ayədə “Allaha yaxın olan mələklər” buyurur. Lakin bu ayə buna dəlalət etmir, çünki ayədə mələklər bağlayıcı vasitəsilə Məsihə bağlanmışdır. “Ar bilmək” feili burada “çəkinmək”, “imtina etmək” mənasındadır. Mələklər isə buna Məsihdən daha çox qadirdilər. Bu səbəbdən Uca Allah “...nə də Allaha yaxın olan mələklər” buyurur. Mələklərin qul olmaqdan imtina etməyə daha çox güclərinin çatmaları və bu xüsusda daha qüvvətli olmaları, onların heç də daha üstün olmaları anlamına gəlmir. Başqa bir rəyə görə, mələklərin burada zikr edilməsinə səbəb Məsih (Allah ondan razı olsun) kimi, mələklərin də Allahla birgə məbud qəbul edilmələridir. Uca Allah onların da qullarından və yaratdıqlarından biri olduğunu xəbər verir. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Kafirlər “Mərhəmətli Allah Özünə övlad götürdü!” dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. Onlardan kimsə “Mən Ondan başqa bir məbudam!” desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq” (“əl-Ənbiya”, 26-29).
Uca Allah buyurur: “Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır”, yəni Allah onları Qiyamət günü hüzurunda toplayacaq, ədalətli hökmü ilə onlar arasında hökm verəcək və əsla zülm etməyəcək. Bu səbəbdən Uca Allah buyurur: “İman gətirib xeyirxah işlər görənlərə gəlincə, Allah onların mükafatlarını tam olaraq verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır”. Yəni etdikləri yaxşı əməllərin miqdarına görə onlara savab verəcək. Üstəlik Öz lütfündən, geniş rəhmətindən və nemətindən onların savablarını daha da artıracaq.
Uca Allah buyurur: “Allaha ibadət etməyi özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə”, yəni Allaha itaət və ibadətdən imtina edənlərə və təkəbbürlük göstərənlərə gəlincə, “Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər”. Başqa bir ayədə isə Uca Allah belə buyurur: “Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (“Ğafir”, 60). Yəni ibadət etməkdən imtina edib, təkəbbürlük göstərdiklərinə qarşılıq olaraq alçalmış və rəzil halda Cəhənnəmə girəcəklər.
 
ən-Nisa, 174-175
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنْزَلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا * فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا
174. Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur nazil etdik.
175. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxslərə gəlincə, Allah onları Öz rəhmətinə və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir.
 
Uca Allah bu ayədə bütün insanlara xitab edərək, onlara Onun tərəfindən əzəmətli bir dəlil gəldiyini xəbər verir. Bu heç bir bəhanəyə yer saxlamayan və bütün şübhələri qəti şəkildə aradan qaldıran bir dəlil və hüccətdir. Bu səbəbdən Uca Allah “Biz sizə aydın bir nur nazil etdik” buyurur. Yəni haqqa açıq-aydın dəlalət edən bir işıq nazil etdik. İbn Cureyc və başqaları demişlər: “Bu, Qurandır”.
Uca Allah buyurur: “Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxslərə gəlincə”, yəni Allaha ibadət etməklə bərabər bütün işlərində Ona təvəkkül edənlərə gəlincə, “Allah onları Öz rəhmətinə və lütfünə qovuşduracaq”, yəni onlara rəhm edəcək, onları Cənnətə daxil edəcək, Öz lütfü və neməti sayəsində savablarını artıracaq, dərəcələrini qat-qat yüksəldəcək.
“Və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir”, yəni onları heç bir əyriliyi və mailliyi olmayan doğru və aydın yola yönəldəcəkdir. Bu, möminlərin dünya və Axirətdəki sifətləridir. Onlar dünyada bütün inanc və əməllərində düzgün və salamat yoldadırlar. Axirətdə isə Allahın Cənnət bağçalarına aparan doğru yolunda olacaqlar.
 
ən-Nisa, 176
يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
176. Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan kəsin mirası barəsində fətvanı sizə Allah verir: “Övladı (və atası) olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər ölmüş qadının övladı (və atası) yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür”. Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayasınız. Allah hər şeyi bilir.
 
əl-Buxari əl-Bəranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Quranda ən son nazil olan surə “Tövbə”, ən son nazil olan ayə isə “Səndən fətva istəyirlər...” ayəsidir”. (əl-Buxari (8/201, Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 4016, 4239, 4364, 4605).
İmam Əhməd Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən xəstəlikdən halsız olduğum vaxt Peyğəmbər ﷺ mənə baş çəkdi. O, dəstəmaz aldı və qabda qalmış sudan mənim üzümə səpdi. Mən özümə gəldikdə “Mirasım kimə qalacaq, ey Allahın Elçisi? Mənim varislərim ancaq uzaq qohumlarımdır” dedim və miras ayəsi nazil oldu”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Əhməd, 14186, 14222, 14235; əl-Buxari, 187, 194; Muslim, 1616, 3031, 4230). Hədisi digər hədis alimləri də rəvayət etmişlər. Bu rəvayətlərin bəzisində “Miras ayəsi olan “Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan kəsin mirası barəsində fətvanı sizə Allah verir” ayəsi nazil oldu” deyilir. Ən doğrusunu Allah bilir, amma burada sanki məna belədir: “Səndən atası və övladı olmayanın mirası barədə fətva istəyirlər. De ki, bu barədə fətvanı sizə Allah verir”. Daha sonra zikr edilən ifadə, əvvəlki cümlədə tərk edilən ifadəyə dəlalət edir. Ayədə keçən الْكَلالَة [kələ:lə] “atası və övladı olmayan” sözü barədə və onun hansı kökdən götürüldüyünü daha əvvəl bildirmişik. Bu söz başı hər tərəfdən əhatə edən taca və ya çələngə deyilir. Bu səbəbdən alimlərin bir çoxu bu sözü övladı və atası olmadığı halda ölən adam kimi təfsir etmişlər. Bəzi alimlər isə bu ayədə keçən “Övladı olmayan şəxs öldükdə...” sözünü uşağı olmadan ölən şəxs kimi təfsir etmişlər. (“ən-Nisa” surəsinin 12-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan, bir hədisdən göründüyü kimi, atası və övladı olmayan kəsin mirası möminlərin əmiri Ömər ibn əl-Xattaba qaranlıq qalmışdır. O belə demişdir: “Üç şey var ki, Peyğəmbərin ﷺ bu mövzuda əsaslanacağımız bir vəsiyyətinin olmasını istərdim. Bunlar babanın mirası, “kələlə” (atası və uşağı olmadan ölən adamın mirası) və sələmin bəzi növləridir”. (Ömərin (Allah ondan razı olsun) bu sözü “əl-Bəqərə” surəsinin 275-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). İbn Hibban, 5353. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 8/42-43).
İmam Əhməd Mədən ibn Əbu Talhədən rəvayət etmişdir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərdən ﷺ “kələlə” (atası və övladı olmayan kəsin mirası) barədə soruşduğumdan daha çox heç bir şeyi soruşmamışam. Nəhayət, Peyğəmbər ﷺ barmağı ilə sinəmə vuraraq “Bunu bilməyin üçün sənə yay fəslində nazil olan “ən-Nisa” surəsinin sonundakı ayə kifayət edər” dedi”. İmam Əhməd hədisi bu şəkildə qısa olaraq rəvayət etmişdir. Muslim eyni hədisi daha uzun mətnlə rəvayət etmişdir. (Əhməd (89, 179, 186, 341); Muslim (2/3). (Əhməd Şakir). Əhməd, 89, 179, 186, 341; İbn Məcə, 2726; İbn Hibban, 2088. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 8/156. Hədis 2514).
İmam Əhməd İbrahim ən-Nəxaidən rəvayət etmişdir ki, Ömər (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərdən ﷺ atası və övladı olmayan kəsin mirası barədə soruşdum. O dedi: “Bunu bilməyin üçün yay fəslində nazil olan ayəni (“ən-Nisa”, 176) oxumaq sənə yetər”. Əgər bu barədə Peyğəmbərdən ﷺ ətraflı soruşsaydım, bu mənə qırmızı dəvələrə sahib olmaqdan daha sevimli olardı”. Bu hədisin isnadı yaxşıdır, lakin İbrahimlə Ömər arasında əlaqə kəsikliyi var, çünki İbrahimlə Ömər (Allah ondan razı olsun) eyni dövrdə yaşamamışlar. (Əhməd (262). (Əhməd Şakir). Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir).
İmam Əhməd əl-Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib ondan atası və övladı olmayan kəsin mirası haqqında soruşdu. Peyğəmbər ﷺ ona dedi: “Bunu bilmək üçün yay fəslində nazil olan ayəni (“ən-Nisa”, 176) oxumağın sənə kifayət edər”. (Əhməd, 18589, 18612, 18790. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Hədisin isnadı yaxşıdır. Hədisi Əbu Davud və ət-Tirmizi də rəvayət etmişlər. Bu ayə yay fəslində nazil olduğu üçün “yay ayəsi” adlanmışdır. Ən doğrusunu Allah bilir.
Peyğəmbər ﷺ atası və övladı olmayanın mirasının necə bölüşdürülməsini bilmək üçün Ömərə (Allah ondan razı olsun) bu ayəni oxumağın yetərli olduğunu bildirmişdir, lakin Ömər bu barədə daha da ətraflı öyrənməyi və bunun nə məna verdiyini soruşmağı unutduğu üçün “Əgər bu barədə Peyğəmbərdən ﷺ ətraflı soruşsaydım, bu mənə qırmızı dəvələrə sahib olmaqdan daha sevimli olardı” demişdir.
İbn Cərir Səid ibn əl-Museyyibdən rəvayət etmişdir ki, bir dəfə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ atası və övladı olmayanın mirası barədə soruşdu. Peyğəmbər ﷺ dedi: “Allah bunu bəyan etməmişdirmi?” Bu vaxt “Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan kəsin mirası barəsində fətvanı sizə Allah verir” ayəsi nazil oldu. (Əhməd (4/293 Hələbi nəşri). (Əhməd Şakir). ət-Tabəri, 10866, 10932).
 
Ayənin mənasının izahı
Bu işdə Allahdan kömək istəyir və Ona təvəkkül edirik.
 
Uca Allah buyurur: “Övladı olmayan şəxs öldükdə”. Başqa bir ayədə buyurur: “Onun Üzündən başqa hər şey məhv olacaq” (“əl-Qəsəs”, 88), yəni hər şey fanidir, yalnız Allah əbədidir. Necə ki başqa bir ayədə buyurur: “Yer üzündə olan hər kəs ölməyə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (“ər-Rahmən”, 26-27).
Bəzi alimlər Uca Allahın “Övladı olmayan şəxs öldükdə” ayəsinə əsaslanaraq demişlər ki, kələlə (uzaq qohumlara miras payı çatması) üçün atanın olmaması şərt deyil. Onlara görə, ölənin övladının olmaması kələlə (uzaq qohumlara miras payı çatması) üçün kifayətdir. Bu, Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) gələn rəvayətlərdən biridir. İbn Cərir bunu səhih isnadla Ömərdən rəvayət etmişdir, lakin, əksər alimlərin rəyinə və Əbu Bəkr əs-Siddiqin (Allah onlardan razı olsun) verdiyi hökmə görə, kələlə (mirası uzaq qohumlara çatan) övladı və atası olmadan öləndir. Uca Allahın ayədə “...onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır” buyurması buna dəlildir. Çünki miras qaydalarına əsasən əgər ölənin bacısı ilə birlikdə atası da olarsa, ölənin bacısına miras düşmür. Alimlərin yekdil rəyinə görə, ölənin atası varsa, ölənin bacısına miras düşmür. Beləliklə, kələlə Quran ayəsinin zahirinə əsasən övladı, ayədən çıxan mənaya əsasən isə həm də atası olmayana deyilir. Çünki ata ilə birlikdə bacıya mirasın yarısı verilmir. Əksinə, atanın olması bacını bütünlüklə mirasdan məhrum edir.
İmam Əhməd Zeyd ibn Sabitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə ondan ərə, atabir bacıya və anaya mirasdan nə qədər pay düşdüyünü soruşdular. O, ərə mirasın yarısını, atabir bacıya da digər yarısını verdi. Ondan bu bölgüdə nəyə əsaslandığı soruşulduqda o “Mən Peyğəmbərin ﷺ bu cür hökm verdiyinin şahidi olmuşam” dedi. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (5/188 Hələbi nəşri). (Əhməd Şakir). 21639, 21682, 21978. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
İbn Cərir və başqaları İbn Abbas və İbn Zubeyrin (Allah onlardan razı olsun) öldükdən sonra bir qız və bir bacı qoyub gedən şəxsin mirası barədə belə dediyini nəql etmişlər: “Bacıya Uca Allahın “Övladı (və atası) olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır” ayəsinə əsasən mirasdan heç bir şey düşmür. Bir qızı olduğuna görə övlad qoyub getmiş sayılır, buna görə bacıya mirasdan heç nə düşmür”. (ət-Tabəri, 10890, 10956). Əksər alimlər bu məsələdə İbn Abbas və İbn Zubeyrə (Allah onlardan razı olsun) müxalif olaraq demişlər: “Qız Allah tərəfindən müəyyən olunmuş vacib pay olaraq mirasın yarısını götürür. Bacıya isə ata tərəfdən qohum olduğuna görə digər yarısı düşür. Bunun dəlili isə başqa ayələrdədir. Bu ayədə bacıya bu halda mirasın yarısının verilməsi bildirilir. Ata tərəfdən qohum olduğuna görə varis olmasına gəlincə, əl-Buxarinin əl-Əsvəddən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisə görədir. əl-Əsvəd demişdir: “Peyğəmbərin ﷺ dövründə Muaz ibn Cəbəl bizim aramızda hökm verərək mirasın yarısını qıza, yarısını da bacıya verdi”. (əl-Buxari, 6244, 6741).
əl-Buxari “Səhih” əsərində Huzeyl ibn Şurahbilin belə dediyini rəvayət etmişdir: “Əbu Musadan qıza, oğulun qızına və bacıya mirasdan nə qədər pay düşdüyünü soruşdular. O dedi: “Mirasın yarısı (ölənin) qızına, o biri yarısı isə bacısına çatır. Get, İbn Məsuddan (bu haqda) soruş, düşünürəm ki, o da mənim kimi cavab verəcək”. Sonra (bu haqda) İbn Məsuddan soruşdular və Əbu Musanın dediklərini ona xəbər verdilər. İbn Məsud dedi: “Belə fətva versəm, mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram. Bu məsələdə mən sizə ancaq Peyğəmbərin ﷺ hökm verdiyi kimi hökm verəcəyəm: “Mirasın yarısı qıza, altıda biri də oğulun qızına çatır ki, bu da (mirasın) üçdə ikisinə bərabərdir. Yerdə qalanı isə bacıya çatır”. Bundan sonra biz Əbu Musanın yanına gəlib İbn Məsudun dediyini ona xəbər verdik. Onda Əbu Musa dedi: “Nə qədər ki sizin aranızda belə böyük alim var, məndən soruşmayın”. (əl-Buxari, 6239, 6736).
Uca Allah buyurur: “Əgər ölmüş qadının övladı (və atası) yoxdursa, qardaşı ona varis olur”, yəni övladı və atası olmayan qadının malının hamısına qardaşı varis çıxır. Əgər bacının atası olsaydı, qardaşı mirasdan heç bir şey almazdı. Əgər qardaşla birlikdə ər, anabir qardaş kimi pay sahiblərindən biri olarsa, bu halda əvvəlcə pay sahibləri özlərinə çatan hissəni alırlar, yerdə qalanı isə qardaşa verilir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Miras paylarını sahiblərinə verin. Yerdə qalan isə ata tərəfdən ən yaxın olan kişi qohuma verilir”. (əl-Buxari, 6235, 6732).
Uca Allah buyurur: “Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır”, yəni övladı və atası olmayan kişinin varisi iki bacısı olarsa, mirasın üçdə ikisi onlara çatır. Həmçinin bacıların sayı ikidən çox olduqda da hökm eyni olur. Bəzi alimlər iki qıza düşən miras payının hökmünü buradan çıxarmışlar. Necə ki Uca Allahın “Əgər övladlar ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır” (“ən-Nisa”, 11) ayəsindən istifadə edərək ikidən çox qıza düşən miras payına görə ikidən çox bacıya düşən miras payını müəyyən etmişlər.
Uca Allah buyurur: “Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür”. Bu, ölənin ata tərəfdən olan qohumlarının – oğullarının, nəvələrinin və qardaşlarının miras hökmüdür. Əgər kişilərlə qadınlar birlikdə mirasa şərik olarlarsa, bu halda kişiyə qadına düşən payın iki misli qədər pay verilir.
Uca Allah buyurur: “Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayasınız”, yəni Allah vacib olan miras paylarını sizə bildirməklə, hədlərini müəyyən etməklə şəriət qanunlarını açıqlayır ki, bəyan olunduqdan sonra haqdan azmayasınız. “Allah hər şeyi bilir“, yəni Allah bütün işlərin nə ilə nəticələnəcəyini, faydalarını, onlarda qullarının xeyrinə olanları, vəfat edənin qohumlarının ona yaxınlıqlarına görə layiq olduqları mirası ən yaxşı biləndir.
əl-Bəzzər Əbu Ubeydə ibn Huzeyfədən, o da atasından rəvayət etmişdir ki, kələlə ayəsi (“ən-Nisa”, 176) Peyğəmbərə ﷺ nazil olanda o, səfərdə idi. Peyğəmbər ﷺ dayandı və bu vaxt Huzeyfəni gördü. Huzeyfə Peyğəmbərə ﷺ o qədər yaxınlaşdı ki, dəvəsinin başı Peyğəmbərin ﷺ örtüyünün yanında idi. Peyğəmbər ﷺ nazil olmuş ayəni ona çatdırdı. Huzeyfə ətrafa baxdıqda Öməri gördü və ayəni Ömərə çatdırdı. Ömərin xəlifəliyi dövründə Ömər kələlə məsələsi ilə maraqlandı. O, Huzeyfəni çağırıb ayə barədə ondan soruşdu. Huzeyfə dedi: “Allaha and olsun ki, Peyğəmbər ﷺ bu ayəni mənə çatdırdı və mən də onu Peyğəmbərin ﷺ mənə çatdırdığı kimi sənə nəql etdim. Allaha and olsun ki, mən doğru söyləyirəm. Yenə Allaha and içərəm ki, bundan artıq sənə heç nə deyə bilmərəm”. əl-Bəzzər demişdir: “Bu hədisi Huzeyfədən (Allah ondan razı olsun) başqa kiminsə rəvayət etdiyini bilmirik. Hədisin Huzeyfəyə çatan başqa bir isnadının olduğunu da bilmirik”. Bu hədisi İbn Mərdəveyh də rəvayət etmişdir. (Hədisin isnadı səhihdir. əl-Heysəmi hədisi “əz-Zəvaid” (7/13) əsərində qeyd etmiş və demişdir: “Hədisi əl-Bəzzər rəvayət etmişdir. Raviləri əl-Buxarinin “Səhih” əsərində istinad etdiyi şəxslərdir. Yalnız Əbu Ubeydə ibn Huzeyfədən başqa, İbn Hibban onun mötəbər olduğunu demişdir”. Mən deyirəm: “İbn Əbu Hatim (4/2/403-404) və əl-Buxari “əl-Kunə” (Kunyələr) əsərində (445) Əbu Ubeydə ibn Huzeyfə ibn əl-Yəmənin tərcümeyi-halını qeyd etmişlər, onun mötəbərliyinə xələl gətirən bir söz deməmişlər. Bizə görə Əbu Ubeydə ibn Huzeyfə mötəbər ravidir. Hədisi əs-Suyuti (2/250) qeyd etmiş və əl-Ədni, əl-Bəzzər və Əbu əş-Şeyxin “əl-Fəraid” kitabına nisbət edərək “İsnadı səhihdir”- demişdir. Oxşar hədisi ət-Tabəri (10874, 10876) İbn Sirindən mursəl olaraq rəvayət etmişdir”. (Əhməd Şakir). əl-Bəzzər, 2965).
İbn Cərir rəvayət etmişdir ki, Tariq ibn Şihab demişdir: “Bir dəfə Ömər yazmaq üçün bir kürək sümüyü götürüb Peyğəmbərin ﷺ səhabələrini yığdı və dedi: “Kələlə barədə elə bir hökm verəcəyəm ki, qadınlar bu barədə evlərində danışacaqlar. Bu vaxt yığışdıqları evdən bir ilan çıxdı və insanlar bu ilanı görüb dağılışdılar. Ömər dedi: “Əgər Allah bu işin tamamlanmasını istəsəydi, mütləq tamamlayardı”. Bu hədisin isnadı səhihdir. (ət-Tabəri (10882). (Əhməd Şakir). ət-Tabəri, 10882, 10948).
əl-Hakim Muhamməd ibn Talhə ibn Yəzid ibn Rukənədən rəvayət etmişdir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərdən ﷺ üç məsələ barədə soruşa bilsəydim, bu mənim üçün qırmızı dəvələrə sahib olmaqdan daha sevimli olardı. Bu üç məsələ:
Birinci: Özündən sonra xəlifə kim olacağı? İkinci: “Mallarımızdan zəkat çıxarmağın vacib olduğunu iqrar edirik, lakin onu sənə verməyəcəyik” deyən bir qövmlə müharibə etmək halaldırmı? Üçüncü: Atası və övladı olmayanın mirası necə bölünür?” Sonra əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim, 3186).
Həmçinin əl-Hakim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Bir dəfə Ömərin yanına axırıncı mən gəldim və onun belə dediyini eşitdim: “Son söz mənim dediyimdir”. Mən soruşdum: “Sənin dediyin nədir?” Ömər dedi: “Dedim ki, kələlə övladı olmayandır”. Sonra əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim, 3187; İbn Əbu Hatim, 4933; ət-Tabəri, 8767, 8827).
İbn Cərir Səid ibn əl-Museyyibdən rəvayət etmişdir ki, Ömər (Allah ondan razı olsun) babanın və kələlənin mirası barədə bir məktub yazmışdı. Sonra bu məktubu göndərib-göndərməyəcəyi barədə istixarə namazı qılıb bu duanı etdi: “Allahım, əgər bu məktubda xeyir görürsənsə, onu tamamlamağımı nəsib et”. Lakin namazda bıçaqla vurulduqda bu məktubu gətizdirib pozdurdu və beləliklə, heç kəs orada nə yazıldığını bilmədi. Ömər belə demişdi: “Mən baba və kələlənin mirası barədə bir məktub yazmışdım. Bu işdə istixarə etdim və sizi olduğunuz halda tərk etməyi uyğun hesab etdim”. (ət-Tabəri (10878, 10879). (Əhməd Şakir). ət-Tabəri, 10878, 10944; Abdur-Razzəq “Musannəf” 19183).
İbn Cərir demişdir: “Ömərin belə dediyi rəvayət edilir: “Bu məsələdə Əbu Bəkrə müxalif olmaqdan çəkinirəm”. Əbu Bəkrin (Allah ondan razı olsun) rəyinə görə, kələlə övladı və atası olmayana deyilir”. (ət-Tabəri (9/437). (Əhməd Şakir). Səid ibn Mənsur, 563).
Əbu Bəkrin (Allah ondan razı olsun) kələlə barədə dediyi rəy (atası və övladı olmayan) əksər səhabələrin, tabiinlərin və həm əvvəlki, həm də sonrakı dövrdə yaşamış alimlərin qəbul etdikləri rəydir. Dörd məzhəb imamlarının və yeddi fiqh alimlərinin (Yeddi fiqh alimi dedikdə eyni dövrdə Mədinədə yaşamış yeddi tabiin nəzərdə tutulur. Bunlar: Səid ibn əl-Museyyib, Urva ibn əz-Zubeyr, əl-Qasim ibn Muhəmməd ibn Əbu Bəkr əs-Siddiq, Ubeydullah ibn Utbə ibn Məsud, Xaricə ibn Zeyd ibn Sabit və Süleyman ibn Yəsardır). məzhəbi də budur. Bütün alimlərin fikri belədir. Quran ayələri də buna dəlalət edir. Necə ki Uca Allah “Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayasınız. Allah hər şeyi bilir” buyurmaqla bunu bəyan etdiyini və açıqladığını bildirmişdir.
 
“ən-Nisa” surəsi tamamlandı.
Həmd olsun aləmlərin Rəbbi Allaha!