Ailəm və yaxınlarım niyə haqq yola gəlmirlər? Onlara qarşı necə davranmalı və öz imanımı necə qorumalıyam?
Va aleykum Salam. İlk növbədə bilmək lazımdır ki, hidayət Allahın Əlindədir və O, hikməti ilə istədiyinə hidayət verir. Sizin üzərinizə düşən isə yalnız insanları Allahın dininə hikmətlə dəvət etməkdir. Uca Allah öz sevimli Peyğəmbərinə ﷺ belə buyurur:
“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır” (əl-Qasəs, 56).
Uca Allahın sizə bəxş etdiyi hidayət nemətinə görə Allaha şükür edin və hidayət üzərində sabit qalmaq üçün Ondan yardım diləyin. Çünki qəlblər Uca Allahın Barmaqlarından ikisinin arasındadır və onu istədiyi kimi çevirər. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin ﷺ ən çox etdiyi dua “Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et!” olardı. Mən ondan: “Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?” - deyə soruşdum. O buyurdu: “Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın Barmaqlarından ikisinin arasında olmasın. O istədiyini düz saxlayır, istədiyini də döndərir”. Sonra o, bu ayəni oxudu: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!" (Ali İmran, 8)”. (ət-Tirmizi, 2140; İmam Əhməd, 26562).
Namaz qılmayan, günah məclislərində iştirak edən və dini öyrənməyən hər bir insanı dərhal İslamdan çıxarmaq doğru deyil. Əgər bu günahları edən onların haram olduğunu etiraf edib zəifliyindən bu günahlara düşdüyünü deyirsə, bu insan böyük günah sahibidir, lakin müsəlmandır. Bu barədə ətraflı oxuyun:
Ailənizlə gözəl əxlaqla davranın, onları hikmətlə haqqa dəvət edin. Onların halına görə ümidsizliyə qapılmayın. Unutmayın ki, peyğəmbərlərin öz yaxınları arasında belə hidayətə gəlməyənlər olub. Buna görə də onların hidayət olunması üçün dua edin, dəvətdə səbirli olun və Allahın rəhmətindən heç vaxt ümidinizi kəsməyin. Həmçinin oxuyun: