əl-Maidə (Süfrə) surəsi
Mərhəmətli və Rəhmli Allahın adı ilə Müvəffəqiyyət yalnız Allahdandır
“əl-Maidə” surəsinin təfsiri (Mədinədə nazil olmuşdur)
İmam Əhməd Əsma bint Yəzidin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “əl-Maidə” surəsi bütünlüklə nazil olduqda mən Peyğəmbərin ﷺ dəvəsi əl-Adbənin noxtasından tutmuşdum. Surənin ağırlığı az qala dəvənin baldırını çilik-çilik edəcəkdi”. (əl-Musnəd (6/455 Hələbi nəşri). əz-Zəvaid (7/13), həmçinin hədisi ət-Tabəraniyə nisbət etmiş və demişdir: “Hədisin ravilərindən biri olan Şəhr ibn Həuşəb zəifdir. Bəziləri onu mötəbər saymışlar”. Biz deyirik: “Hədisin isnadı səhihdir”. (Əhməd Şakir). Əhməd, 27575, 27616, 28127. Şueyb əl-Arnavut həsən li-ğeyrihi olduğunu bildirmişdir). Həmçinin İmam Əhməd Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbərə ﷺ “əl-Maidə” surəsi nazil olduqda o, miniyin üzərində idi. Minik surənin ağırlığına tab gətirmədiyi üçün Peyğəmbər ﷺ minikdən düşdü”. Bu hədisi yalnız Əhməd rəvayət etmişdir. (əl-Musnəd (6643). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Şueyb əl-Arnavut həsən li-ğeyrihi olduğunu bildirmişdir). ət-Tirmizi Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “əl-Maidə” və “əl-Fəth” Quranın ən son nazil olan surələridir”. Daha sonra ət-Tirmizi demişdir: “Bu, “həsən-ğarib” hədisdir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allahın köməyi və qələbə gəldiyi zaman...” (“ən-Nəsr”, 1) surəsi Quranın ən son nazil olan surəsidir”. (ət-Tirmizi, 3063, 3341. Hədisin isnadı zəifdir). əl-Hakim də ət-Tirmizinin hədisinə oxşar bir hədis rəvayət etmiş və demişdir: “Hədis, əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. Həmçinin əl-Hakim Cubeyr ibn Nufeyrin belə dediyini rəvayət etmişdir: “Bir dəfə həcc ziyarətini başa vurduqdan sonra Aişənin yanına getdim. O dedi: “Ey Cubeyr, “əl-Maidə” surəsini oxuyursanmı?” Mən: “Bəli”,– deyə cavab verdim. Aişə dedi: “Bil ki, Quranda ən son nazil olan surə budur. Odur ki, bu surədə nə halal edilmişsə, siz də onu halal edin, nə haram edilmişsə, siz də onu haram edin”. Sonra əl-Hakim demişdir: “Hədis, əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. Bu hədisi İmam Əhməd də rəvayət etmiş və əlavə olaraq demişdir: “Sonra mən ondan Peyğəmbərin ﷺ əxlaqı barədə soruşdum. Aişə dedi: “Onun əxlaqı Quran idi”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (əl-Hakim, 3210; Əhməd, 25547, 25588, 26063; ən-Nəsəi “Sunənul-Kubra” 11073, 11138. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir).
əl-Maidə, 1-2
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ أُحِلَّتْ لَكُمْ بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنْتُمْ حُرُمٌ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِنْ رَبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَنْ صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَنْ تَعْتَدُوا وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. Ehramda ikən ov ovlamağı halal görmədən, adları sizə bildiriləcək heyvanlar istisna olmaqla, digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.
2. Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aya, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-Harama gələnlərə qarşı hörmətsizlik etməyin. Ehramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidül-Harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə yardım etməyin. Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
İbn Əbu Hatim Məan və Aufdən – və ya onlardan birindən – rəvayət etmişdir ki, bir kişi Abdullah ibn Məsudun yanına gələrək: “Mənə bir şey buyur!”– dedi. Abdullah ibn Məsud dedi: “Uca Allahın Quranda hansısa ayədə: “Ey iman gətirənlər!”– deyə xitab etdiyini eşitsən, ona diqqətlə qulaq as. Çünki Uca Allah bu ayədə ya bir xeyri əmr edir, ya da bir şərdən çəkindirir”. (İsnadı yaxşıdır, lakin Məan və Əufla İbn Məsud arasında əlaqə kəsikdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 1037, 3891).
İbn Cərir Muhəmməd ibn Muslimin belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ Amr ibn Həzmi Nəcran qəbiləsinə elçi olaraq göndərdikdə ona yazdığı məktubu oxudum. Bu məktub Amr ibn Həzmin oğlu Əbu Bəkrdə idi. Orada belə yazılmışdı: “Bu, Allah və Onun Elçisi tərəfindən açıqlamadır: “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin...”, ta ki “Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir” (“əl-Maidə”, 4) ayəsinə qədər”. (ət-Tabəri (10914). Muhəmməd ibn Muslim, əz-Zuhridir. (Əhməd Şakir). ət-Tabəri, 10980; ən-Nəsəi “Sunən” 4772, 4855, 4872. Hədis zəifdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 4855).
İbn Əbu Hatim Abdullah ibn Əbu Bəkr ibn Muhəmməd ibn Amr ibn Həzmdən rəvayət etmişdir ki, atası (Əbu Bəkr ibn Muhəmməd) demişdir: “Bu, Peyğəmbərin ﷺ Amr ibn Həzmi Yəmənə göndərdiyi vaxt ona yazdığı məktubdur. Bu məktubda Peyğəmbər ﷺ ona Yəmən xalqına dini başa salmağı, sünnəni öyrətməyi və üzərlərinə düşən sədəqələri (zəkatı) yığmağı buyurmuşdur. Peyğəmbər ﷺ Amr ibn Həzmə məktub yazmış, onu təlimatlandırmış və əmrlərini bildirərək belə buyurmuşdur: “Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bu, Allah və Onun Elçisinin məktubudur: “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin”. Bu, Allahın elçisi Muhəmmədin ﷺ Amr ibn Həzmi Yəmənə göndərdiyi vaxt ona yazdığı bir əhddir. Peyğəmbər ﷺ ona bütün işlərində Allahdan qorxmağı əmr etmişdir, çünki Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir”. (əl-Beyhəqi “Dələil ən-Nubuvvə” 5/413).
Uca Allah buyurur: “Əhdlərinizi yerinə yetirin”. İbn Abbas, Mucahid və başqaları demişlər: “Burada “əhdlər” dedikdə, vədlər nəzərdə tutulur”. İbn Cərir bu məsələdə təfsir alimləri arasında yekdil rəyin olduğunu nəql etmiş və demişdir: “Əhdlər, and içilərək və ya buna bənzər şəkildə verilən vədlərdir”. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin” ayəsi barədə demişdir: “Burada “əhdlər” dedikdə, vədlər nəzərdə tutulur. Yəni Allahın Quranda bəzi şeyləri halal, haram və fərz etməklə, hədlər qoymaqla sizdən aldığı əhdi pozmayın, qoyduğu hədləri aşmayın. Sonra Uca Allah bu məsələdə daha şiddətli davranaraq, belə buyurur: “Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır” (“ər-Rəd”, 25)”. (ət-Tabəri (10907). (Əhməd Şakir). ət-Tabəri, 10973).
Uca Allah buyurur: “Ehramda ikən ov ovlamağı halal görmədən, adları sizə bildiriləcək heyvanlar istisna olmaqla, digər heyvanlar sizə halal edildi”. əl-Həsən, Qatədə və başqaları demişlər: “...digər heyvanlar sizə halal edildi”, yəni dəvə, inək və qoyun”. İbn Cərir demişdir: “Ərəblərdə, əsasən, bu heyvanlar olurdu”. İbn Ömər, İbn Abbas və başqaları bu ayəyə əsaslanaraq, anası şəriətə uyğun kəsildiyi təqdirdə, qarnındakı balası ölmüş olsa belə, balanı yeməyin icazəli olduğunu bildirmişlər. Bu barədə “Sunən” əsərlərində hədis rəvayət edilmişdir.
Əbu Davud, ət-Tirmizi və İbn Məcə Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, bir dəfə səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, biz qarnında balası olan qoyunu, inəyi və ya dişi dəvəni kəsirik. Balasını ataq, yoxsa yeyək?” Peyğəmbər ﷺ dedi: “İstəsəz, yeyin, çünki anasının kəsilməsi onun kəsilməsidir”. (Əbu Davud, 2827, 2829; ət-Tirmizi, 1476; İbn Məcə, 3199. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3431). ət-Tirmizi bu hədisin həsən olduğunu demişdir. Əbu Davud Cabir ibn Abdullahdan rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Boğaz heyvanın kəsilməsi ilə, onun balası da kəsilmiş sayılır”. Bu hədisi yalnız Əbu Davud rəvayət etmişdir. (Əbu Davud, 2828, 2830; ət-Tirmizi, 1476, 1550; əl-Hakim, 7108-7112. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2539).
Uca Allah buyurur: “...adları sizə bildiriləcək heyvanlar istisna olmaqla”. İbn Abbas demişdir: “İstisna olunanlar leş, qan və donuz ətidir”. Qatədə isə demişdir: “Burada leş və kəsilərkən Allahın adı çəkilməyən heyvanlar nəzərdə tutulur”. (ət-Tabəri, 10994,19929, 25328). Lakin – doğrusunu Allah bilir – burada istisna edilənlər “Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş” (“əl-Maidə”, 3) ayəsində zikr edilənlərdir. Bu heyvanlar, əslində, əti yeyilən olsalar da, bu maneələrə görə haram edilmişdir. Bu səbəbdən ayənin ardında “ölməmiş kəsdikləriniz istisnadır” buyurulur. Sonra Uca Allah haram olan heyvanlar sırasında “dik qoyulmuş daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar”ı qeyd edir. Çünki bu heyvanları artıq əti yeyilən heyvanlara aid etmək olmaz. Bu səbəbdən Uca Allah “adları sizə bildiriləcək heyvanlar istisna olmaqla” buyurur. Yəni sizə bəzi hallarda haram olduğu bildiriləcək heyvanlar istisnadır.
Uca Allah buyurur: “Ehramda ikən ov ovlamağı halal görmədən...”. Bəzi alimlər bu cümlənin hal (tərzi-hərəkət zərfi) olduğu üçün رَْـيغَ [ğayra] sözünün təsirlik halda işləndiyini demişlər. Ayədə “heyvanlar” dedikdə, dəvə, qoyun və inək kimi, ev heyvanları, həmçinin ceyran, çöl eşşəyi və antilop kimi, əti yeyilən çöl heyvanları nəzərdə tutulur. Ev heyvanlarından – yuxarıda sadalananlar, çöl heyvanlarından isə ehramda olarkən ovlananlar istisna edilmişdir.
Bəzi alimlər isə ayədə bunun nəzərdə tutulduğunu demişlər: “Bütün hallarda heyvanları sizə halal etdik, elə isə siz ehramda olduğunuz halda ov ovlamağı haram qəbul edin”. Çünki Uca Allah belə hökm etmişdir. Allah bütün əmr və qadağalarında hikmət sahibidir. Bu səbəbdən ayənin ardında: “Həqiqətən, Allah istədiyi hökmü verir”– deyə buyurur.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahın nişanələrinə, ... qarşı hörmətsizlik etməyin”. İbn Abbas demişdir: “Ayədə “Allahın nişanələri” dedikdə həcc mərasimi nəzərdə tutulur”. (ət-Tabəri, 10940, 11004). Mucahid demişdir: “Səfa və Mərva, qurbanlıq qoyunlar və dəvələr Allahın nişanələridir”. (ət-Tabəri, 10942, 11006). Bəzi alimlər isə demişlər: “Allahın nişanələri Onun haram etdikləridir”. Yəni, Allahın haram etdiklərini halal saymayın. Bu səbəbdən ayənin davamında “haram aya, ...qarşı hörmətsizlik etməyin” buyurur. Yəni bu aylarda döyüşə başlamaqdan çəkinməklə, haramları tərk etməklə, habelə Allahın qadağan etdiyi əməlləri etməməklə, haram ayın hörmətli və əzəmətli olduğunu etiraf edin. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Səndən haram ayda vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır” (“əl-Bəqərə”, 217). Həmçinin buyurur: “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün” (“ət-Tövbə”, 36). əl-Buxarinin “Səhih” əsərində Əbu Bəkradan rəvayət edilir ki, Peyğəmbər ﷺ Vida həccində demişdir: “Zaman Allah göyləri və yeri yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl on iki aydan ibarətdir. Bunlardan dördü haram aydır. Haram aylardan üçü – Zül-Qadə, Zül-Hiccə və Muhərrəm, ardıcıl gəlir. Dördüncüsü isə Mudər qəbiləsinin digər on bir aydan üstün tutduğu və Cumədəl-Axir ilə Şaban ayları arasında keçən Rəcəb ayıdır”. (əl-Buxari, 4294, 4662; Muslim, 3179, 4477). Bu hədis göstərir ki, bu ayların haram olması axır zamana qədər davam edəcəkdir. Sələf alimlərinin bir çoxu da belə demişdir. İbn Abbas Uca Allahın “haram aya, ... qarşı hörmətsizlik etməyin” ayəsi barədə demişdir: “Yəni bu ayda döyüşməyi halal etməyin”. (ət-Tabəri, 10945, 11009). İbn Cərir də bu fikri seçmişdir. Əksər alimlər isə bu ayənin hökmünün ləğv olunduğunu demişlər. Onlara görə, haram aylarda döyüşü başlatmaq icazəlidir. Buna dəlil olaraq, Uca Allahın “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün” (“ət-Tövbə”, 5) ayəsinə əsaslanmışlar. Onlara görə, bu ayədə “haram aylar” deyildikdə (“ət-Tövbə” surəsinin 2-ci ayəsində (Uca Allah bu ayədə buyurur: “Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz, müşriklər, Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir” (“ət-Tövbə”, 2). Bu ayədə “dörd ay” dedikdə, haram aylar deyil, Peyğəmbərin ﷺ müşriklərlə bağladığı dördaylıq müqavilə nəzərdə tutulur. Əksər alimlərin sözünə görə, 5-ci ayədə “haram aylar bitdikdə” deyildikdə də, məhz bu dörd ay nəzərdə tutrulur. Yəni, müşrikləri öldürməyi qadağan etdiyimiz bu dörd ay bitdikdə, müşriklərə qarşı vuruşa bilərsiniz), müşriklərin gəzib-dolaşmalarına izin verilən dörd ay nəzərdə tutulur. Sonra isə Uca Allah heç bir haram ayı istisna etmədən: “...müşriklərə harada rast gəlsəniz, onları öldürün” buyurur.
İmam Əbu Cəfər (ət-Tabəri) Allahın həm haram aylarda, həm də ilin digər aylarında müşriklərlə döyüşməyi halal etməsində alimlər arasında yekdil rəyin olduğunu nəql etmişdir. İbn Cərir demişdir: “Alimlərin yekdil rəyinə əsasən, müşrik qorunmaq üçün boynuna və biləklərinə Haram ərazisində olan bütün ağacları (Burada ağacların xüsusi olaraq qeyd olunmasının səbəbi budur ki, Peyğəmbərimiz ﷺ Haram ərazisində ağacların kəsilməsini qadağan etmişdir. Peyğəmbər ﷺ demişdir: “Məkkədə tikan kəsilməməli, ağaca balta dəyməməli və itmiş əşya götürülməməlidir” (əl-Buxari, 112). Yəni, əgər müşrik özünü qorumaq üçün Haram ərazisində olan ağaclara bürünmüş olsa belə, bu, onu öldürülməkdən xilas etməyəcək). bürümüş olsa belə, bu, onu ölümdən qurtaran bir əmin-amanlıq sayılmaz. Yalnız daha əvvəl müsəlmanlarla sülh müqaviləsi və ya əmin-amanlıq barədə əhd bağlayan kəs istisnadır. Bu isə başqa bir mövzudur və yeri gəldikdə ətraflı açıqlanacaq”. (ət-Tabəri, 10978, 11042).
Uca Allah buyurur: “qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, ...qarşı hörmətsizlik etməyin”, yəni Allahın evinə qurbanlıq aparmaqdan imtina etməyin. Çünki bu əməl Allahın nişanələrinə hörmətdən sayılır. Bu heyvanların boynuna onları digər heyvanlardan fərqləndirmək, Kəbəyə qurbanlıq olaraq aparıldığını bildirmək, onlara pis niyyətlə yaxınlaşmaq istəyənləri çəkindirmək və bu nişanələri görənləri bu əmələ rəğbətləndirmək üçün nişan taxın. Çünki kim bir başqasını doğru bir yola dəvət edərsə, həmin adama bu yolda ona tabe olanların mükafatları qədər savab yazılar. Bununla belə, ona tabe olanların öz mükafatlarından heç bir şey əskilməz. Bu səbəbdən Peyğəmbər ﷺ həcc edərkən Zül-Hüleyfədə (Mədinədən 15 km uzaqlıqda yerləşir. Mədinədən həcc və ya ümrə etmək istəyənlər buradan niyyət edirlər). gecələdi. Zül-Hüleyfə eyni zamanda əl-Əqiq vadisidir. Səhər açıldıqda o, zövcələrinə baş çəkdi. Onlar doqquz nəfər idilər. Sonra Peyğəmbər ﷺ yuyunub ətirləndi və iki rükət namaz qıldı. Sonra qurbanlıq heyvanlar seçərək onların boyunlarına nişan taxdı. Daha sonra həcc və ümrə üçün birlikdə niyyət etdi. Onun qurbanlıq heyvanları sayı altmışdan çox olan ən gözəl görünüşlü və ən gözəl rəngli dəvələr idi. Uca Allah bu barədə belə buyurur: “Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır” (“əl-Həcc”, 32). Bəzi sələflər demişlər: “Allahın nişanələrinə hörmət etmək qurbanlıq heyvanın gözəlini və kök olanını seçməkdir”. Əli ibn Əbu Talib demişdir: “Peyğəmbər ﷺ bizə qurbanlıq heyvan seçərkən göz və qulağa (qüsurlu olmasın deyə) xüsusi diqqət yetirməyimizi əmr etmişdir”. Bu hədisi “Sunən” əsərlərinin sahibləri rəvayət etmişlər. (ən-Nəsəi “Sunən” 4300, 4376, 4393; İbn Məcə, əl-Hakim, 3143, 7533-7535. Hədis həsən səhihdir. Bax: İrvaul-Ğalil, 4/362).
Muqatil ibn Həyyan Uca Allahın “boynuna nişan taxılmış” ifadəsi barədə demişdir: “Yəni boynunuza nişan taxmağı halal görməyin. Çünki cahiliyyət dövründə insanlar haram olmayan aylarda yurdlarından çıxdıqda boyunlarına yun və tükdən, məkkəli müşriklər isə Haram ərazisində bitən ağacların qabıqlarından hazırlanmış boyunbağı taxardılar. Onlar belə etməklə özlərini təhlükəsizlikdə hiss edərdilər”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir.
Uca Allah buyurur: “Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-Harama gələnlərə qarşı hörmətsizlik etməyin”, yəni Allahın Evinə gələnlərlə döyüşməyi halal saymayın. O Ev ki, ora daxil olan kəs əmin-amanlıqda olar. Habelə, Allahın lütfünü və razılığını diləyənlərin Allahın Evinə daxil olmalarının qarşısını almayın, onları döyüşə təhrik etməyin. Mucahid, Əta, Qatədə və başqaları Uca Allahın “Rəbbinin lütfünü ...diləyərək” sözü barədə demişlər: “Yəni ticarət etmək istəyənləri”. Necə ki “əl-Bəqərə” surəsində keçən ayədə Uca Allah buyurur: “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir” (“əl-Bəqərə”, 198). İbn Abbas bu ayədəki “razılığını diləyərək” ifadəsi barədə demişdir: “Yəni həcc edərək Allahın razılığını qazananlar”. İkrimə, əs-Suddi və İbn Cureyc bu ayənin Hutam ibn Hind əl-Bəkri barədə nazil olduğunu qeyd etmişlər. Belə ki, Hutam Mədinənin mal-qarasına hücum etmişdi. Növbəti il isə ümrə ziyarəti etmək üçün Allahın Evinə gələrkən bəzi səhabələr onun yolunu kəsib Kəbəyə getməsinə mane olmaq istədilər. Uca Allah da “Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-Harama gələnlərə qarşı hörmətsizlik etməyin” ayəsini nazil etdi. (Bax: ət-Tabəri (10957, 10959); əs-Suyuti (2/254-255) əs-Suddi və İkrimədən nəql etmişdir. İbn Cureycdən nəql olunan rəvayəti tapa bilmədim. (Əhməd Şakir). ət-Tabəri, 10057-10958, 11021-11022).
İbn Cərir, istər Beytül-Haramda olsun, istərsə də Beytül-Məqdisdə, müsəlmanlarla müqaviləsi olmayan müşrikin öldürülməsinin icazəli olması barədə alimlərin yekdil rəyini nəql etmişdir. Çünki müşriklər barədə bu ayənin hökmü ləğv olunmuşdur. Ən doğrusunu isə Allah bilir. Lakin küfr etmək və Allaha şərik qoşmaq məqsədilə Kəbəyə gəlmək istəyənin qarşısı alınmalıdır, çünki Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidül-Harama yaxınlaşmasınlar” (“ət-Tövbə”, 28). Məhz buna görə Peyğəmbər ﷺ hicrətin doqquzuncu ilində Əbu Bəkri həcc ziyarətinə başçı təyin etdikdə, Əlini Məkkəyə göndərərək Peyğəmbərin ﷺ adından insanlara “ət-Tövbə” surəsini yüksək səslə elan etməsini və: “Gələn ildən etibarən heç bir müşrik həcc ziyarətinə gəlməyəcək və heç kəs Kəbəni lüt-üryan (İslam dini gəlməmişdən əvvəl Kəbəni ziyarət etməyə gələn kəs gəldiyi paltarda təvaf etmirdi. Çünki onlara görə, bu paltarlarda günah işləmişdilər və bu paltarları çıxarmaqla sanki günahlardan təmizlənirdilər. İmkanı olan kəslər Məkkədən təzə libas alar, maddi imkanı olmayanlar isə Kəbəni lüt-üryan təvaf edərdilər. İslam dini gəldikdən sonra Uca Allah “Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin” (“əl-Əraf”, 31) ayəsini nazil etməklə, bunu qadağan etdi. Bu barədə “əl-Əraf” surəsinin təfsirində ətraflı məlumat gələcəkdir). təvaf etməyəcəkdir”– deyə çatdırmağı əmr etmişdir. (ət-Tirmizi, 3371; ət-Tabəri, 16363, 16439. Hədisin isnadı səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3091).
İbn Abbas Uca Allahın “Beytül-Harama gələnlərə qarşı hörmətsizlik etməyin” sözü barədə demişdir: “Yəni Beytül-Harama tərəf yönələnlərə qarşı hörmətsizlik etməyin”. Çünki o vaxt həm möminlər, həm də müşriklər Beytül-Harama həccə gedirdilər. Uca Allah möminlərə Allahın Evinə həcc etmək üçün gələnlərə, istər mömin olsun, istər kafir, maneçilik törətməyi qadağan etdi. Sonra Uca Allah “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidül-Harama yaxınlaşmasınlar” (“ət-Tövbə”, 28), “Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz” (“ət-Tövbə”, 17) və “Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar” (“ət-Tövbə”, 18) ayələrini nazil etməklə müşriklərin Məscidül-Harama girməsini qadağan etdi.
İbn Cərir Uca Allahın “boynuna nişan taxılmış” sözünü belə təfsir etmişdir: “Yəni Haram ərazisində əmin-amanlıqda olmaq üçün boyunbağı taxan kəsə aman verin”. Sonra demişdir: “Günümüzə kimi ərəblər bu əhdi pozanları məzəmmət edirlər”.
Uca Allah buyurur: “Ehramdan çıxdığınız zaman ov edə bilərsiniz”, yəni ibadətinizi tamamlayıb ehramdan çıxdığınız zaman ehramda ikən sizə haram edilmiş ov ovlamağı halal etdik. Bu, qadağadan sonra gələn bir əmrdir. Dəlillərdən çıxan nəticə budur ki, qadağadan sonra gələn əmrin hökmü qadağadan əvvəl nə idisə, ona da qayıdır. Əgər qadağadan əvvəl hökm vacib idisə, qadağadan sonra da vacib, müstəhəb idisə, müstəhəb, mübah (icazəli) idisə, mübah olur. Qadağadan sonra gələn əmrin vaciblik ifadə etdiyini deyənlərə bir çox ayələrlə cavab verilir. Həmçinin bu əmrin icazə ifadə etdiyini deyənlərə də başqa ayələrlə cavab verilir. Dəlillər isə bizim qeyd etdiyimizi dəstəkləyir. Bəzi üsul alimləri də bu rəyi seçmişlər. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Sizi Məscidül-Harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin”. Bəzi qiraət alimləri bu ayəni أَنْ صَدُّوكُمْ [ən saddu:kum] kimi oxumuşlar.Bu qiraətə görə, ayənin mənası aydındır. Yəni vaxtilə Hudeybiyyə sülhü bağlanılan il sizin Məscidül-Harama daxil olmağa mane olan camaata qarşı bəslədiyiniz kin sizi Allahın hökmünü aşaraq zülm və düşmənçiliklə onlardan qisas almağınıza səbəb olmasın. Əksinə, Allahın sizə hamıya qarşı ədalətli olmağı buyurduğunu əsas götürərək hökm verin. (İbn Kəsir burada ikinci qiraəti qeyd etməmişdir. İkinci qiraət إِنْ صَدُّوكُمْ [in saddu:kum] şəklindədir. Bu qiraətə görə, ayənin mənası belədir: “Əgər bir camaat sizi Məscidül-Harama daxil olmağa qoymazsa, bu camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin”. Bu oxunuş yeddi qiraət alimlərindən İbn Kəsirə və Əbu Amra aiddir. Yerdə qalan qarilər isə ayəni digər qiraətlə oxumuşlar. Lakin İbn Kəsirin dediklərindən aydın olur ki, o, adaşı İbn Kəsirin və dostu Əbu Amrın qiraətini seçmişdir. (Əhməd Şakir). Ayə qarşıda gələcək bu ayəyə bənzəyir: “Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır” (“əl-Maidə”, 8), yəni hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsiz davranmağa sürükləməsin, istənilən halda hər kəsə qarşı ədalətli olmaq vacibdir. Bəzi sələflər demişlər: “Sənə qarşı Allaha asilik edən bir adamla Allahın əmrinə itaət etməklə davranmaqdan daha yaxşı heç nə yoxdur, çünki göylər və yer ədalət üzərində qurulmuşdur”.
Ayədə keçən شَنَآنُ [şənəə:nu] sözünün mənası “kin-küdurət bəsləmək” deməkdir. İbn Abbas və başqaları bu sözün شَنَأَ [şənəə] “nifrət bəsləmək” feilinin məsdəri olduğunu demişlər.
Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə yardım etməyin”. Uca Allah mömin qullarına xeyir işlərdə, yəni yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə, yəni Allahdan qorxmaqda yardımlaşmağı əmr edir. Batil, günah və haram işlərdə yardımlaşmağı isə qadağan edir. İbn Cərir demişdir: “Günah Uca Allahın yerinə yetirilməsini əmr etdiyi şeyləri tərk etməkdir. Düşmənçilik isə Allahın dində qoyduğu hədləri, habelə özünüzə və başqalarına qarşı fərz buyurduğu əməllərdə həddi aşmaqdır”. (ət-Tabəri, 10999, 11064).
İmam Əhməd Ənəs ibn Malikdən Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Din qardaşına kömək et! İstər zalım olsun, istərsə də məzlum”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, məzluma kömək etməyi başa düşdük, bəs zalıma necə kömək etməliyik?” Peyğəmbər ﷺ dedi: “Əlindən tutub saxlamaqla, zülm etməyinə mane olmaqla. Zalıma kömək etmək budur”. Oxşar hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (Əhməd, 11967, 11971; əl-Buxari, 6438, 6952).
Hafiz Əbu Bəkr əl-Bəzzər Abdullahdan rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Xeyir əmələ yönəldən onu etmiş kimidir”. (Əbu Davud, 5129. ət-Tirmizi, 2670. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1660). Sonra Əbu Bəkr əl-Bəzzər demişdir: “Biz bu hədisin yalnız bu isnadla rəvayət edildiyini bilirik”. (əl-Bəzzər, 1742; ət-Tirmizi, 2670, 2883. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3399; Silsilə əs-Səhihə, 1660).
Mən deyirəm: ”Səhih” əsərində bu hədisi təsdiqləyən başqa bir hədis var: “Kim doğru bir yola dəvət edərsə, Qiyamətə qədər ona tabe olanların mükafatları qədər savab verilər. Bununla belə, ona tabe olanların mükafatlarından heç bir şey əskilməz. Hər kim də bir zəlalətə dəvət edərsə, Qiyamətə qədər ona tabe olanların günahları qədər günahı olar. Ona tabe olanların günahlarından heç bir şey əskilməz”. (Muslim (2/306) Əbu Hureyradan rəvayət etmişdir. Həmçinin Əhməd (9149) və İbn Hibban “Səhih” (112) əsərində rəvayət etmişlər. (Əhməd Şakir). Muslim, 4831, 6980).
əl-Maidə, 3
حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَنْ تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِإِثْمٍ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
3. Sizə leş, qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş heyvanlar haram edildi. Habelə boğulmuş, küt alətlə vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, (başqa bir heyvan tərəfindən) buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – bu heyvanlardan canı çıxmamış kəsdikləriniz istisnadır – dik qoyulmuş daşlar (Allaha şərik qoşulan qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Elə isə, onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qalarsa və günaha meyil etməyərək bu haram edilmiş ətlərdən yeyərsə, (bilsin ki,) Allah bağışlayandır, rəhmlidir.
Uca Allah bu ayədə qullarına aşağıda qeyd olunmuş haram şeyləri yeməyi qadağan etdiyini xəbər verir. Qeyd olunan haramlar bunlardır:
Birinci: "Leş" şəriətə müvafiq qaydada kəsilmədən və ov edilmədən ölən heyvandır. Leş heyvanın qadağan edilməsinə səbəb kəsilərkən axmalı olan qanın onun bədənində laxtalanıb qalmasıdır. Heyvanın bədənində qalmış həmin qan insanın həm dininə, həm də bədəninə zərər verdiyi üçün Uca Allah leşi haram etmişdir. Yalnız balıq əti istisnadır. Balıq, istər kəsilərək, istərsə də kəsilmədən ölsün, onu yemək halaldır. Necə ki, Malik, əş-Şafii, Əhməd, Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi, İbn Məcə, İbn Xuzeymə və İbn Hibban “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbərdən ﷺ dəniz suyu barədə soruşulduqda demişdir: “Onun suyu təmiz, (orada yaşayan heyvanların) ölüsü isə halaldır”. (Malik, 41; Əbu Davud, 83; ət-Tirmizi, 69; ən-Nəsəi “Sunən” 59; İbn Məcə, 386-388. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 480). Çəyirtkə də belədir. Bu barədə hədis qarşıda gələcək.
İkinci: “Qan”, yəni heyvanı kəsərkən axan qan. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” (“əl-Ənam”, 145). İbn Abbas və Səid ibn Cubeyr də belə demişlər. İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbasdan heyvanın dalağının yeyilib-yeyilməməsi barədə soruşduqda, o: “Yeyin!”– demişdir. Soruşanlar: “Axı o, qandan ibarətdir?”– dedikdə, İbn Abbas: “Sizə yalnız heyvanı kəsərkən ilk axan qan haram edildi”– deyə cavab vermişdir”. (Muslim (2/306) Əbu Hureyradan rəvayət etmişdir. Həmçinin Əhməd (9149) və İbn Hibban “Səhih” əsərində (112) rəvayət etmişlər. (Əhməd Şakir). İbn Əbu Hatim, 8009; əl-Beyhəqi “Sunənul-Kubra” 19699, 19731, 20191; İbn Əbu Şeybə, 24364). İmam əş-Şafii Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İki növ ölü (kəsilmədən ölmüş) və iki növ qan bizə halal edilmişdir. İki növ ölü – balıq və çəyirtkə ölüsüdür. İki növ qan isə qaraciyər və dalaqdır”. (əl-Musnəd, (2/97). (Əhməd Şakir). əş-Şafii, 607, 1569, 1596; Əhməd, 5723; İbn Məcə, 3314; əl-Beyhəqi “Sunənul-Kubra” 18776, 18997, 19028. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1118; İrvaul-Ğalil, 2526). İmam Əhməd, İbn Məcə, əd-Dəraqutni və əl-Beyhəqi də hədisi bu şəkildə rəvayət etmişlər. Mötəbər ravilərdən biri olan Süleyman ibn Bilal bu hədisi Zeyd ibn Əsləmdən, o da Abdullah ibn Ömərdən rəvayət etmişdir. Bəziləri bu hədisi Abdullah ibn Ömərin sözü olaraq rəvayət etmişlər. əl-Hafiz Əbu Zura ər-Razi demişdir: “Abdullah ibn Ömərin sözü olaraq rəvayət edilməsi daha doğrudur”. (Bir çox alimlər bu hədisin sənədinə tən etmişlər. Bu barədə ətraflı əl-Hafiz İbn Həcərin “ət-Təlxisul-Həbir” (səh. 9) əsərinə bax. İbn Həcər demişdir: “Əbu Zura və Əbu Hatim hədisin səhabənin sözü olaraq səhih olduğunu bildirmişlər, lakin burada səhabənin sözü Peyğəmbərə ﷺ nisbət olunmuş hədis hökmündədir. Çünki səhabənin: “Bizə halal edildi” və ya “Bizə haram edildi” deməsi, “Peyğəmbər ﷺ bizə əmr etdi” və ya “Peyğəmbər ﷺ bizə qadağan etdi” sözü kimidir. Beləliklə, bu növ hədislər Peyğəmbərə ﷺ nisbət olunan hədis hökmündə olduğu üçün onlara əsaslanmaq olar”. İbn Həcərin bu dediyi haqq və doğrudur. (Əhməd Şakir).
İbn Əbu Hatim Əbu Umamə Sudey ibn Aclənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ məni qövmümü Allaha və Onun Elçisinə iman gətirməyə dəvət etmək və İslamın hökmlərini onlara izah etmək üçün göndərmişdi. Mən qövmümün yanına gəldim. Bu ərəfədə bizə bir tas dolu qan gətirildi və qövmüm onu yemək üçün toplandı. Onlar mənə “Ey Sudey, gəl sən də ye!”– dedilər. Mən onlara dedim: “Vay sizin halınıza! Mən sizə bunu qadağan edən insan tərəfindən göndərilmişəm. Uca Allah bunun haram olması barədə ona ayə nazil etmişdir”. Onlar: “O hansı ayədir?”– deyə soruşduqda, mən bu ayəni oxudum: “Sizə leş, qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş heyvanlar haram edildi. Habelə boğulmuş, küt alətlə vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, (başqa bir heyvan tərəfindən) buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – bu heyvanlardan canı çıxmamış kəsdikləriniz istisnadır – dik qoyulmuş daşlar (Allaha şərik qoşulan qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi”. Eyni hədisi əl-Hafiz İbn Mərdəveyh də rəvayət etmiş və sonuna bunu əlavə etmişdir: ”Sudey dedi: “Mən onları İslama dəvət edirdim, onlar isə qəbul etmirdilər. Mən onlara: “Vay olsun sizə, heç olmasa, mənə bir qurtum su verin, çox susadım”– dedim. Onlar: “Xeyr, səni ölənə qədər susuz saxlayacağıq”– dedilər. Mənim əynimdə əba vardı. Mən onların bu sözünə çox kədərləndim və əbamı başıma çəkib, şiddətli istidə susuz yatdım. Yuxuda bir kişi gəldi və mənə əvəllər heç kəsin görmədiyi gözəl bir şüşə qədəhdə əvvəllər heç kəsin dadmadığı şirin bir içəcək gətirdi. Bu içkini mənə təqdim etdi və mən onu içdim. İçib qurtardıqdan sonra oyandım. Allaha and olsun ki, bu içkidən sonra heç vaxt susamadım və susuzluğun nə olduğunu bilmədim”. əl-Hakim də oxşar hədisi rəvayət etmiş və “Allaha and olsun ki, bu içkidən sonra heç vaxt susamadım və susuzluğun nə olduğunu bilmədim” sözündən sonra bunu əlavə etmişdir: “Sonra onların belə dediklərini eşitdim: “Sizə qövmünüzün adlı-sanlı bir adamı gəlmişdir, elə isə nə üçün onu süd və xurmaya qonaq etmirsiniz?!” Sonra mənə süd gətirdilər. Mən dedim: “Sizin südünüzə ehtiyacım yoxdur, Allah məni artıq yedirtdi və içirtdi”. Mən onlara qarnımın tox olduğunu göstərdim. Onların hamısı (bu möcüzəni gördükdən sonra), son nəfərinə kimi İslamı qəbul etdilər”. (əl-Hakim, 6705; ət-Tabərani “Mucəmul-Kəbir” 8000, 8099. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2706).
Üçüncü: “Donuz əti”, yəni həm ev donuzu, həm də çöl donuzu (qaban) haramdır. “Əti” sözü donuzun bütün hissələrini, eləcə də yağını ehtiva edir. Bu mənanı başa düşmək üçün Zahiri (Zahiri məzhəbi iki alim tərəfindən – Davud ibn Əli əl-İsfahani (hicri 202-270, miladi 816-884) və Əbu Muhəmməd ibn Həzm (hicri 384-456, miladi 994-1064) – meydana çıxmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır. Zahiri məzhəbinə görə, fiqhi məsələlərdə dəlillərin hikməti nəzərə alınmadan, qiyas edilmədən Quran və hədislərin zahiri əsas götürülür. Onlara görə, qiyas etmək və dəlillərin hikmətini nəzərə almaq olmaz. Onlar ayə və hədislərin yalnız zahirini əsas götürərək, dəlillərin mənalarına və hikmətinə baxmadan qərar qəbul etdikləri üçün bir çox məsələlərdə səhvə yol vermişlər. “Zahiri” adlanmasının səbəbi də budur). məzhəbinin xırdaçılığına və dəlil axtarmaqda həddi aşmalarına ehtiyac yoxdur. Belə ki, onlar bu mənanı əldə etmək üçün Uca Allahın: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” (“əl-Ənam”, 145) ayəsindəki “murdar sayılan donuz əti” sözünə əsaslanmış və bildirmişlər ki, ayədəki “murdar” sözü donuza aid olduğu üçün onun bütün hissələri haramdır.
Muslimin “Səhih” əsərində Bureydə ibn əl-Huseyb əl-Əsləmidən Peyğəmbərin ﷺ belə dediyi rəvayət olunur: “Kim nərd (Nərd: 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun adıdır. Nərd oynamağın iki halı var: pul ilə və pulsuz. Pul qoyub oynamaq qumar sayıldığına görə haram sayılır. Qeyd olunan hədisə əsasən nərdi pulsuz oynamaq da qadağandır, çünki nərd oynamaq aşağıdakı fəsadlara gətirib çıxarır:
1) Harama aparıb çıxardığına görə;
2) Vaxt israf olduğuna görə; bir çox hallarda oyuna başı qarışmış adam vacib buyurulmuş əməlləri tərk edir;
3) Onu oynayan kimsələrin mübahisə etməsinə və bir-birini söyməsinə görə;
4) Onu oynayan kimsələrin arasına ədavət saldığına görə;
5) Adamı Allahı zikr etməkdən, Quran oxumaqdan və ibadətdən yayındırdığına görə) oynayarsa, sanki əlini donuzun ətinə və qanına bulaşdırmışdır”. (Muslim, 2260, 4194, 6033). Əgər burada donuz ətinə, sadəcə, toxunmaqdan çəkindirilirsə, o halda donuz ətini yemək və onunla qidalanmaq barədə təhdid və qorxutma necə olacaq? Həmçinin bu hədis dəlalət edir ki, “donuzun əti” dedikdə, yağı da daxil olmaqla, bütün bədəni nəzərdə tutulur.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “Allah şərabın, ölü heyvanın, donuzun və bütlərin satılmasını haram etmişdir.” Ona dedilər: “Ey Allahın Elçisi, gəmilərin böyürlərinin və altının cilalanması, dərilərin yağlanması və evlərin və s. işıqlandırılması üçün istifadə edilən ölü heyvanın piyi haqqında nə deyə bilərsən?” Peyğəmbər ﷺ: “Xeyr, bu haramdır!”– deyə buyurdu”. (əl-Buxari, 2082, 2236; Muslim, 1581, 2960, 4132).
Dördüncü: “Allahdan başqasının adı ilə kəsilmiş”, yəni kəsilərkən üzərində Allahdan başqasının adı çəkilmiş heyvanlar haramdır, çünki Uca Allah heyvanların yalnız Onun əzəmətli adı ilə kəsilməsini vacib etmişdir. Əgər belə edilməzsə və kəsilən heyvanların üzərində büt, tağut (şeytan), Allahdan başqa ibadət olunan bir şeyin və ya digər varlıqların adı çəkilərsə, alimlərin yekdil rəyinə görə, bu heyvanın ətini yemək haramdır. Kəsilərkən səhvən və ya bilərəkdən Allahın adı çəkilməyən heyvanların halal olub-olmaması məsələsində alimlər arasında fikir ayrılığı var. Necə ki bu məsələ “əl-Ənam” surəsinin təfsirində gələcəkdir. (“əl-Ənam” surəsinin 121-ci ayəsində).
Beşinci: “Boğulmuş”, yəni boğularaq ölmüş, istər qəsdən boğulmuş olsun, istər təsadüfən ipinin boynuna dolaşması nəticəsində boğulub ölmüş olsun, bu heyvanı da yemək haramdır.
Altıncı: “Küt alətlə vurulub öldürülmüş”, yəni kəsici olmayan ağır bir alətlə vurularaq öldürülən heyvan haramdır. İbn Abbas və başqaları demişlər: “Ayədə ölənə qədər ağacla vurulan heyvan nəzərdə tutulur”. Qatədə demişdir: “Cahiliyyət dövründə heyvanı ağacla ölənə qədər vurar, sonra ətini yeyərdilər”. “Səhih” əsərində rəvayət edilir ki, Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi, mən “mirad” deyilən oxla ovu vururam. Onu yeyə bilərəmmi?” Peyğəmbər ﷺ dedi: “Oxun iti ucu ilə vurulmuşsa, yeyə bilərsən, yox, əgər gövdəsi ilə vurulub öldürülmüşsə, onu yemə. Çünki o, küt alətlə vurulmuş heyvandır”. (əl-Buxari, 5053, 5475; Muslim, 1929, 3563, 5086). Beləcə, Peyğəmbər ﷺ ox və ya nizə kimi iti silahla ovlanan heyvanlarla, küt alətlə ovlanmış heyvanları fərqləndirərək birincini halal etmiş, ikincini isə halal etməmişdir. Fiqh alimləri bu məsələdə yekdil rəydədirlər, lakin əhliləşdirilmiş ov quşunun yaralamadan, ağırlığı ilə öldürdüyü ovun halal olub-olmaması məsələsində iki fərqli rəy var. Bu iki rəy əş-Şafiinin rəyidir. Birinci rəyə görə, oxla vurulan heyvanda olduğu kimi halal deyil, çünki hər ikisi yaralanmadan öldüyü üçün küt alətlə vurulmuş heyvan sayılır. İkinci rəyə görə, halaldır, çünki Uca Allah əhliləşdirilmiş ov heyvanlarının ovladıqlarını halal etmiş və bu məsələdə təfsilat bildirməmişdir. Ov quşunun yaralamadan öldürdüyü heyvan da bu ümumi hökmə daxil olduğu üçün yeyilməsi halaldır.
Yeddinci: “Hündür bir yerdən yıxılıb gəbərmiş”, yəni hündür bir yerdən və ya yüksəklikdən düşüb ölən heyvanlar halal deyil.
Səkkizinci: “Buynuzlanıb ölmüş”, yəni başqa bir heyvan tərəfindən buynuzlanaraq ölən heyvanlar haramdır. Buynuzu ilə yaraladığı yerdən qan çıxmış olsa belə, hətta yara olan yer heyvanın boğazı olsa belə, yenə bu heyvanın yeyilməsi haramdır.
Doqquzuncu: “Yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş”, yəni aslanın, pələngin, bəbirin, qurdun və ya itin hücum edib, bir hissəsini parçalayıb yediyi və bu səbəbdən ölən heyvanlar da haramdır. Hətta vəhşi heyvanın parçaladığı yer boğazı olub, qan axmış olsa belə, alimlərin yekdil rəyinə görə, bu heyvanı yemək halal deyil. Cahiliyyət dövründə ərəblər yırtıcı heyvanın parçaladığı qoyun, dəvə və inəyin qalan hissəsini yeyirdilər. Uca Allah bunu möminlərə qadağan etdi.
Sonra Uca Allah buyurur: “... bu heyvanlardan canı çıxmamış kəsdikləriniz istisnadır”. Burada istisna əvvəl qeyd edilən heyvanlardan həyat əlaməti qalmış və kəsilməsi mümkün olanlara aiddir. Bu təqdirdə istisna “Habelə boğulmuş, ağac, küt alətlə vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, (başqa bir heyvan tərəfindən) buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş” ifadəsinə aiddir. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “bu heyvanlardan canı çıxmamış kəsdikləriniz istisnadır” sözü barədə demişdir: “Yəni, yuxarıda qeyd edilən heyvanlardan canı çıxmamış kəsdikləriniz istisnadır, onları yeyin. Çünki onlar kəsilmiş heyvanlardır”. Səid ibn Cubeyr, əl-Həsən əl-Bəsri və əs-Suddidən də belə rəvayət edilmişdir.
İbn Cərir Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Əgər küt alətlə vurulan, hündür yerdən düşən və ya başqa bir heyvan tərəfindən buynuzlanan heyvana yetişib kəssən və kəsdikdən sonra ön və ya arxa ayaqlarını tərpətdiyini görsən, bu halda onu yeyə bilərsən”. (ət-Tabəri, 11036, 11102). Tavus, əl-Həsən, Qatədə və başqalarından da belə rəvayət edilmişdir. Onlara görə kəsilən heyvanda kəsildikdən sonra canının hələ çıxmamasına dəlalət edən bir tərpəniş olarsa, o heyvan halaldır. Bu rəy əksər fiqh alimlərinin rəyidir. Əbu Hənifə, əş-Şafii və Əhməd ibn Hənbəl də eyni rəyi demişlər. İbn Vahb demişdir: “İmam Malikdən yırtıcı heyvanın parçaladığı və bağırsaqları çölə çıxdığı, lakin hələ canı çıxmamış qoyun barədə soruşduqda o, belə demişdir: “Bu heyvanın kəsilməsinin icazəli olduğunu düşünmürəm. Belə heyvanın harasını kəsəcəksiniz ki?” (ət-Tabəri, 11045, 11111). Bu, İmam Malikin məzhəbidir. Ayənin mənası isə ümumidir. İmam Malikin ayənin ümumi mənasından heyvanın yaşayacaq vəziyyətdə olmasını istisna etməsi dəlilə ehtiyac duyur. Ən doğrusunu isə Allah bilir.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Rafi ibn Xadicin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən dedim: “Biz sabah düşmənlə qarşı-qarşıya gələcəyimizi gözləyirik. Yanımızda bıçaq da yoxdur ki, heyvanları kəsək. Biz onları qamışla kəsə bilərikmi?” Peyğəmbər ﷺ buyurdu: “Heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz. Lakin diş və dırnaqla kəsmək olmaz. Sizə bunun niyə qadağan olduğunu deyim: diş sümükdür, (Diş vasitəsilə heyvanı lazımi qaydada kəsmək mümkün olmadığından Peyğəmbər ﷺ bunu qadağan etmişdir). dırnaq isə həbəşilərin bıçağıdır (Həbəşilər kafir olduğundan Peyğəmbər ﷺ səhabələrinə onlara oxşamamağı buyurmuşdur)”. (əl-Buxari, 2308, 2488).
əd-Dəraqutninin Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədisdə deyilir: “Diqqət edin, heyvan boğaz və ya boyun hissədən kəsilir. Heyvanın canının tez çıxması üçün tələsməyin”. (əd-Dəraqutni, 4817. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 2541). Lakin bu hədisin Peyğəmbərə ﷺ nisbət olunması şübhəlidir. Doğru olan budur ki, bu, Ömərin sözüdür. İmam Əhməd və “Sunən” əsərlərinin sahiblərinin Əbul-Uşəra əd-Dərimidən, onun da atasından rəvayət etdiyi hədisdə o, Peyğəmbərdən ﷺ soruşmuşdur: “Ey Allahın Elçisi, heyvan yalnız boyun və boğazdanmı kəsilir?” Peyğəmbər ﷺ dedi: “Əgər sən bıçağı heyvanın baldırına batırsan, bu sənin üçün kifayətdir”. (Əbu Davud, 2825, 2827; ət-Tirmizi, 1481, 1557. Hədis zəifdir. Bax: Daif əl-Cami, 4827). Bu hədis səhihdir. Lakin bu, heyvanı boğazdan və ya boyundan kəsməyi bacarmayana aiddir.
Onuncu: “dik qoyulmuş daşlar (Allaha şərik qoşulan qurbangahlar) üzərində kəsilmiş heyvanlar”. Mucahid və İbn Cureyc demişlər: “Dik qoyulmuş daşlar Kəbənin ətrafında olan daşlardır”. Həmçinin İbn Cureyc demişdir: “Bunlar üç yüz altmış daş idi. Ərəblər cahiliyyət dövründə qurbanlarını bu daşların yanında kəsərdilər. Burada kəsdikləri qurbanların qanını Kəbəyə səpər, ətlərini isə parçalayıb bu daşların üzərinə sərərdilər”. Bir çoxları da belə nəql etmişlər. Sonra Uca Allah möminlərə bu cür etməyi qadağan edərək, Allahın adı çəkilmiş olsa belə, bu daşların yanında kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Çünki bu, Allahın və Elçisinin ﷺ qadağan etdiyi şirk əməldir. Bu ayə bu mənada açıqlanmalıdır. Belə ki, Allahdan başqasının adına kəsilən heyvanların haram olması daha əvvəl bildirilmişdir.
Sonra Uca Allah buyurur: “...və fal oxları ilə qismət axtarmanız sizə haram edildi”, yəni ey möminlər, fal oxları ilə pay bölmək sizə haram edildi. Cahiliyyət dövründə ərəblər fal oxları ilə qismət axtarardılar və bunu belə edərdilər: üç ədəd ox götürüb birinin üzərində “et!”, digərinin üzərində “etmə!” yazardılar. Üçüncüsündə isə heç nə yazılmazdı. Başqalarının dediyinə görə isə, oxlardan birinin üzərində “Rəbbim mənə əmr etdi”, digərinin üzərində “Rəbbim mənə qadağan etdi”, üçüncüsünün üzərində isə heç nə yazılmazdı. Əgər yerinə yetirməyi əmr edən ox çıxardısa, edərdilər, qadağan edən ox çıxardısa, etməzdilər. Üzərində yazı yazılmayan ox çıxardısa, təkrar ox atardılar. Ayədə keçən الاِسْتِقْسَام [istiqsə:m] sözünün mənası “fal oxları ilə qismət axtarmaq” deməkdir. Əbu Cəfər İbn Cərir belə demişdir. (ət-Tabəri, 11060, 11126).
Muhəmməd ibn İshaq və başqalarının nəql etdiyinə görə, Qureyşin ən böyük bütü Hubəl adlı büt idi və bu büt Kəbənin içindəki quyunun baş tərəfində dikəldilmişdi. Onun qarşısına hədiyyələr və Kəbənin qiymətli malları qoyulurdu. Bütün yanında yeddi ədəd ox vardı. Oxların üzərində hökm vermək istədikləri mövzular yazılmışdı. Hər hansı bir məsələdə çətinliyə düşdükləri zaman çıxış yolu tapa bilmədikdə gəlib bu oxlardan hökm çıxarmağa çalışardılar və oxlardan nə çıxardısa, onu da tətbiq edərdilər.
əl-Buxarinin “Səhih” əsərində rəvayət edilir ki, Peyğəmbər ﷺ (Məkkənin fəthi günü) Kəbənin içinə daxil olduqda orada İbrahimin və İsmailin əllərində fal oxları tutmuş şəkillərini gördü və dedi: “Allah bunların rəsmini çəkənlərin kökünü kəssin! Allaha and olsun ki, onlar İbrahim və İsmailin heç vaxt bu oxlarla fala baxmadıqlarını yaxşı bilirlər”. (əl-Buxari (1601) İbn Abbasdan rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 1498). İbn Mərdəveyh Əbu Dərdənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kahinlik edən, fal oxları ilə qismət axtaran və ya uğursuzluq əlaməti gördüyünə görə səfərdən qayıdan kimsə Cənnətin yüksək dərəcələrinə nail olmaz”. (ət-Tabərani “Musnəduş-Şamiyyin” 2104. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2161).
Uca Allah buyurur: “Bunlar günahdır”, yəni bu əməli etmək (fal oxları ilə qismət axtarmaq) azğınlıq, zəlalət, cəhalət və şirkdir. Allah möminlərə hər hansı bir işi görməkdə tərəddüd etdikləri zaman Allaha ibadət edərək istixarə namazı (“İstixarə” sözü “xeyir istəmək” deməkdir. İstixarə hər hansı bir işi görməkdən ötrü Allahdan uğur diləməkdir. İstixarə namaz və dua ilə yerinə yetirilir. İstixarə – namazı iki rükət səssiz qılınır. Bu namazı günün istənilən vaxtı qılmaq olar. Duanı isə namaz əsnasında səcdədə, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar). qılmağı və bu namazda görmək istədikləri işlərdə hansının daha xeyirli olduğunu Allahdan diləməyi buyurmuşdur. Necə ki, İmam Əhməd, əl-Buxari və “Sunən” əsərlərinin sahibləri Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Peyğəmbər ﷺ Qurandakı surələri bizə öyrətdiyi kimi, istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işi görməyə qərar verdikdə, fərz namazlarından əlavə, iki rükət namaz qılsın və desin: “Allahım, Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə bacarıq verməyi diləyirəm. Səndən Sənin böyük lütfünü diləyirəm. Şübhəsiz ki, Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım, bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu (məsləhət) bilirsənsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu (məsləhət) bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olursa-olsun, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!” (Transkripsiyası: Alla:hummə inni: əstəxi:rukə bi ilmikə, va əstəqdirukə bi qudratikə, va əs'əlukə min fədlikəl-azi:m, fəinnəkə təqdiru va lə: əqdir, va tə'ləmu va lə: ə'ləm, va əntə allə:mul-ğuyu:b. Alla:hummə in kuntə tə'ləmu ənnə hə:zəl-əmra xayrun li fi: di:ni va məa:şi va a:qibəti əmri:, (a:cilihi va ə:cilihi) fəqdurhu li va yəssirhu li, sum-mə bərik li fi:hi. Va in kuntə tə'ləmu ənnə hə:zəl-əmra şərrun li fi: di:ni va məa:şi va a:qibəti əmri (a:cilihi va ə:cilihi) fəsrifhu anni, vasrifni anhu, vaqdur liyəl-xayra həysu kə:nə, summə ərdini: bihi). Hədisin mətni İmam Əhmədə aiddir. ət-Tirmizi demişdir: “Bu hədis həsən-səhih-ğarib hədisdir”. (əl-Buxari, 1096, 1166; ət-Tirmizi, 480, 482; Əbu Davud, 1538, 1540; Əhməd, 14707, 14748, 14763).
Uca Allah buyurur: “Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər”. Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, kafirlər sizi təkrar öz dinlərinə qaytarmaqdan ümidlərini kəsmişlər”. Əta ibn Əbu Rabah, əs-Suddi və Muqatil ibn Həyyandan da belə rəvayət edilmişdir. “Səhih” əsərində rəvayət edilən hədis də bu mənaya dəlalət edir. Hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Həqiqətən, şeytan Ərəb yarımadasında namaz qılanların ona ibadət etməsindən ümidini kəsmişdir, lakin onların arasına fitnə salmaqdan ümidini kəsməmişdir”. (Muslim (2/346) Cabirdən rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 2812, 5030, 7281).
Ola bilsin, ayənin mənası belədir: “Onlar müsəlmanlara bənzəməkdən ümidlərini kəsmişlər”. Çünki müsəlmanlar müşriklərə və şirk əhlinə xas olan hər cür xüsusiyyətlərə zidd davranaraq onlardan fərqlənmişlər. Bu səbəbdən Uca Allah mömin qullarına səbir etməyi və kafirlərə müxalif olmaqda israr etməyi əmr edərək Allahdan başqa heç kəsdən qorxmamağı buyurmuşdur: “Elə isə onlardan qorxmayın, Məndən qorxun”, yəni kafirlərə müxalif olduğunuza görə onlardan qorxmayın, Məndən qorxun. Çünki onlara qarşı sizə yardım edən, sizi qüvvətləndirən, onların üzərində qələbə çaldıran, möminlərin qəlblərini sevindirən, dünya və Axirətdə sizi onlardan üstün edən Mənəm.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim”. Bu, Əzəmətli və Qüdrətli Allahın bu ümmətə lütf etdiyi ən böyük nemətidir. Belə ki, Uca Allah bu ümmətin dinini kamil etmişdir. Artıq öz dinlərindən başqa bir dinə və öz Peyğəmbərlərindən ﷺ başqa bir peyğəmbərə ehtiyac duymayacaqlar. Allahın ona salavatı və salamı olsun! Bu səbəbdən Uca Allah bu ümmətin Peyğəmbərini ﷺ bütün peyğəmbərlərin sonuncusu etmiş və onu bütün insanlara və cinlərə elçi olaraq göndərmişdir. Odur ki, onun halal etdiyindən başqa bir halal yoxdur. Onun haram etdiyindən başqa haram bir şey yoxdur. Allah qatında onun gətirdiyi dindən başqa qəbul olunan din yoxdur. Onun gətirdiyi hər bir xəbər haqdır və yalanı olmayan həqiqətdir. Necə ki, Uca Allah başqa bir ayədə buyurur: “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır” (“əl-Ənam”, 115). Yəni verdiyi xəbərlərində doğru, qadağa və əmrlərində isə ədalətlidir. Uca Allah möminlərin dinini kamil etdiyi üçün onlara olan nemətini də tamamlamışdır. Bu səbəbdən Uca Allah: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim”– deyə buyurur. Yəni siz də özünüz üçün İslamı bəyənin, çünki bu din Uca Allahın bəyənib seçdiyi bir dindir. Bu dini peyğəmbərlərin ən üstünü ilə göndərmiş və bu Peyğəmbərə ﷺ müqəddəs kitabların ən şərəflisini (Quranı) nazil etmişdir. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Bu gün dininizi sizin üçün kamil etdim” ayəsi barədə demişdir: “Bu din İslamdır. Uca Allah bu ayə ilə Peyğəmbərinə ﷺ və möminlərə imanlarını (dinlərini) kamil etdiyini xəbər vermişdir. Bu dinə əlavə olunacaq bir şeyə heç zaman ehtiyac duyulmayacaqdır. Allah bu dini tamamlamış və heç vaxt azaltmayacaq, bu dini seçib bəyənmiş və heç vaxt ondan narazı olmayacaq”. (ət-Tabəri, 11080, 11146). əs-Suddi demişdir: “Bu ayə Arafa günü (Zül-Hiccə ayının 9-u, Arafada) nazil olmuşdur. Bu ayədən sonra bir şeyi halal və ya haram edəcək heç bir hökm nazil olmamışdır. Peyğəmbər ﷺ bu ayə nazil olduqdan sonra həcdən qayıtdı və vəfat etdi. Əsmə bint Umeys demişdir: “O ayə nazil olan əsnada mən də Peyğəmbərlə ﷺ birlikdə həcc edirdim. Biz gedirdik, birdən Cəbrail Peyğəmbərə ﷺ nazil oldu. Peyğəmbər ﷺ miniyin üzərində əyildi. Minik Quranın ağırlığına tab gətirə bilmədi və yerə çökdü. Mən Peyğəmbərin ﷺ yanına gəlib üzərimdəki bürüncəklə onun üstünü örtdüm”. (ət-Tabəri (11081). (Əhməd Şakir). ət-Tabəri, 11146).
İbn Cərir və başqaları demişlər: “Peyğəmbər ﷺ Arafa günündən sonra səksən bir gün yaşadı, sonra vəfat etdi”. İmam Əhməd rəvayət edir ki, Tariq ibn Şihəb belə demişdir: “Bir yəhudi Ömər ibn əl-Xattabın yanına gəlib dedi: “Ey möminlərin əmiri! Sizin Kitabınızda oxuduğunuz elə bir ayə var ki, o, biz yəhudilərə nazil olsaydı, həmin günü bayram edərdik”. Ömər: “O hansı ayədir?”– deyə soruşdu. Yəhudi: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” ayəsidir”– deyə cavab verdi. Ömər dedi: “Allaha and olsun ki, mən bu ayənin Peyğəmbərə ﷺ nə zaman və harada nazil olduğunu bilirəm. Bu ayə cümə günü, axşam Arafada nazil olmuşdur”. Bu hədisi əl-Buxari, Muslim, ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər. Bu hədis bir çox şəkildə Ömərdən rəvayət edilmişdir. (əl-Musnəd (188, 282), ət-Tabəri (11094, 11096). (Əhməd Şakir). Əhməd, 188; əl-Buxari, 43, 4055, 4407, 6726, 7268; Muslim, 3017, 5334, 7712). İbn Cərir Bənu Haşim qəbiləsinin azad etdiyi kölə Əmmardan rəvayət etmişdir ki, bir dəfə İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” ayəsini oxuduqda bir yəhudi dedi: “Əgər bu ayə biz yəhudilərə nazil olsaydı, o günü bayram edərdik”. İbn Abbas dedi: “Bu ayə iki bayram günündə nazil olmuşdur. Biri qurban bayramı, digəri də cümə günüdür”. (ət-Tabəri (11097, 11099), ət-Tayəlisi (2709), ət-Tirmizi (4/96). ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demiş-dir. əs-Suyuti (2/258) əlavə olaraq hədisi Abd ibn Humeydə, ət-Tabəraniyə və əl-Beyhəqinin “əd-Dələil” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 11163; ət-Tirmizi, 3318. Hədisin isnadı səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3044).
İbn Mərdəveyh Əlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Bu gün dininizi sizin üçün kamil etdim” ayəsi nazil olduqda, Peyğəmbər ﷺ Arafa günü axşam ayaq üstə dayanmışdı”. (İbn Mərdəveyhin rəvayətinin sənədində İsmail ibn Suleyman əl-Əzraq zəif ravidir. əs-Suyuti (2/258) bu hədisi qeyd etmiş, İbn Cərir və İbn Mərdəveyhə nisbət etmişdir. Lakin mən bu hədisi ət-Tabərinin təfsirində tapa bilmədim. (Əhməd Şakir). ət-Tahavi “Şərh Muşkul əl-Əsər” 2501). İbn Cərir Amr ibn Qeys əs-Səkunidən rəvayət etmişdir ki, o, Muaviyə ibn Əbu Sufyanın minbərdə bu ayəni misal gətirərək oxuduğunu və sonra belə dediyini eşitmişdir: “Bu ayə cümə günü, insanların Arafada toplaşdığı gün nazil olmuşdur”. (ət-Tabəri (11108). İsnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 11172).
İbn Mərdəveyh Səmuranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” ayəsi Peyğəmbər ﷺ həcc ziyarətini yerinə yetirmək üçün Arafada durduğu gün nazil olmuşdur”. (əl-Heysəmi (7/13-14) hədisi qeyd etmiş və demişdir: “Hədisi ət-Tabərani və əl-Bəzzər rəvayət etmişlər. Hədisin sənədində Ömər ibn Musa ibn Vəcih var və o, zəifdir”. Bu ravi İbn Mərdəveyhin isnadında da var. (Əhməd Şakir).
Bu ayənin müsəlmanlar həcc ziyarətini yerinə yetirmək üçün Arafaya toplaşdıqları gün (Zül-Hiccə ayının 9-u) nazil olmasında və bunun cümə günü baş verməsində şəkk yoxdur. Necə ki, möminlərin əmirləri Ömər ibn əl-Xattab və Əli ibn Əbu Talibdən, ilk İslam hökmdarı Muaviyə ibn Əbu Sufyandan, Quran təfsirçiləri Abdullah ibn Abbas və Səmura ibn Cundubdan belə rəvayət edilmişdir. Allah onların hamısından razı olsun! əş-Şabi, Qatədə ibn Diamə, Şəhr ibn Həuşəb və digər alimlər də belə demişlər. İbn Cərir ət-Tabəri də bu rəyi seçmişdir.
Uca Allah buyurur: “Kim aclıq üzündən çarəsiz qalarsa və günaha meyil etməyərək bu haram edilmiş ətlərdən yeyərsə, (bilsin ki) Allah bağışlayandır, rəhmlidir”, yəni hər kim zərurətdən dolayı Uca Allahın ayədə qeyd etdiyi bu haramlardan birini yemək məcburiyyətində qalarsa, zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər. Allah, əlbəttə ki, onun üçün bağışlayandır, rəhmlidir. Çünki Uca Allah əlacsız qalmış qulunun buna ehtiyacı olduğunu bilir və buna görə onu bağışlayaraq günahından keçir. İbn Hibbanın “Səhih” və İmam Əhmədin “Musnəd” əsərlərində Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Uca Allah Ona asilik etməyi sevmədiyi qədər, Onun rüsxətlərinə əməl olunmasını sevir”. Hədisin mətni İbn Hibbana aiddir. (Əhmədin rəvayəti də belədir (5866). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). İbn Hibban, 2742. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1886, İrvaul-Ğalil, 564). Əhmədin mətni isə belədir: “Allahın verdiyi rüsxəti qəbul etməyən Arafada yerləşən dağlar qədər günah qazanır”. (Əhməd (5392). Bu hədis “əl-Bəqərə” surəsinin 185-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1949). Bu səbəbdən fiqh alimləri demişlər: “Bəzi hallarda leş ətini yemək vacib olur. Bu, həlak olmaq təhlükəsilə üz-üzə qalıb yeməyə başqa heç bir şey tapa bilməyən kəsə aiddir. Bəzi hallarda leş ətini yemək müstəhəb, bəzi hallarda isə mübah olur. Lakin alimlər ixtilaf etmişlər: çarəsiz qalan kəs zəruri ehtiyacını ödəyəcək qədər yeməlidir, yoxsa doyana qədər və ya bundan daha artıq yeyə bilər? Fiqh kitablarında göstərildiyi kimi, bu məsələdə bir neçə rəy var. Həmçinin alimlər ixtilaf etmişlər ki, bir adam leş əti ilə yanaşı, başqasına məxsus yemək və ya leş əti ilə yanaşı, ehramlı ikən bir ov taparsa, bunlardan hansını seçməlidir: leş ətini yeməlidir, yoxsa ehramda ikən ovu ovlayıb cəzasını ödəməlidir? Yaxud leş ətini yeməlidir, yoxsa başqasına məxsus yeməyi yeyib, sonra əvəzini ödəməlidir? Bu məsələdə İmam əş-Şafinin iki rəyi vardır. Bir insanın leş əti yeməsinin icazəli olması üçün bəzi avamların düşündükləri kimi, üç gün boyunca yeməyə bir şey tapa bilməməsi şərt deyil. Əksinə, nə vaxt zərurət halı yaranarsa, artıq leş ətindən yeyə bilər. İmam Əhməd Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, bəzən biz elə yerdə oluruq ki, aclıqdan çarəsiz hala düşürük. Leş əti yeməyimiz nə vaxt halal olur?” Peyğəmbər ﷺ dedi: “Səhər və ya axşam yeməyə bir şey tapmasanız, habelə yeməyə bir tərəvəz tapa bilməsəniz, leş yeyə bilərsiniz”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. Hədisin isnadı əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir. Həmçinin eyni hədisi İbn Cərir də rəvayət etmişdir. (Əhməd (5/217 Hələbi nəşri), ət-Tabəri (11125). İbn Kəsirin dediyi kimi, Əhmədin rəvayət etdiyi isnad səhihdir. ət-Tabərinin rəvayət etdiyi isnadda isə zəif ravi var. Həmçinin əl-Hakim (4/125) rəvayət etmiş və əl-Buxari və Muslimin şərtlərinə görə, səhih olduğunu bildirmişdir. əz-Zəhəbi bununla razılaşmışdır. Bax: əz-Zəvaid (4/165, 5/50). (Əhməd Şakir). Əhməd, 21898, 21948, 22243. Şueyb əl-Arnavut həsən olduğunu bildirmişdir).
Uca Allah buyurur: “...günaha meyil etməyərək”, yəni Allaha asilik etmədən. Uca Allah çarəsiz qalana bu haram olunanlardan yeməyi icazəli etmişdir, lakin “əl-Bəqərə” surəsində olduğu kimi, həddi aşmamağı qeyd etməmişdir, çünki orada Uca Allah: “Hər kəs harama meyil etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu, ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir” (“əl-Bəqərə”, 173) – deyə buyurur. Bəzi alimlər bu ayəni dəlil gətirərək asilik məqsədilə səfərə çıxanın səfərdə icazəli olan rüsxətlərdən istifadə etmək hüququnun olmadığını demişlər, çünki Allahın rüsxətlərindən asiliklə faydalanmaq olmaz. Ən doğrusunu isə Allah bilir.
əl-Maidə, 4
يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَمَا عَلَّمْتُمْ مِنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللَّهُ فَكُلُوا مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
4. Səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Bütün təmiz nemətlər sizə halal edildi. Habelə Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və onları ovun üzərinə göndərərkən Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
Uca Allah əvvəlki ayələrdə insanın bədəninə, dininə və ya hər ikisinə birlikdə zərərli olan murdar qidaları haram etdiyini qeyd edib, zərurət halını istisna etdikdən sonra, bu ayədə halal olan qidaların nələr olduğunu açıqlamağa başlayır. Necə ki, başqa bir ayədə belə buyurur: “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında yeyə biləcəyiniz şeylər istisna olmaqla, artıq O (Allah) sizə haram buyurduqlarını təfsilatı ilə bildirmişdir” (“əl-Ənam”, 119). Bu ayədən sonra (İbn Kəsir burada surələri tərtib baxımından deyil, nazilolma baxımından nəzərdə tutur. Çünki Uca Allahın “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında yeyə biləcəyiniz şeylər istisna olmaqla, artıq O (Allah) sizə haram buyurduqlarını təfsilatı ilə bildirmişdir” ayəsi Məkkədə nazil olmuşdur. “əl-Maidə” surəsindəki bu ayə isə Mədinədə nazil olmuşdur. (Əhməd Şakir). isə buyurur: “Səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Bütün təmiz nemətlər sizə halal edildi”. Həmçinin “əl-Əraf” surəsində Muhəmmədi ﷺ vəsf edərək belə buyurmuşdur: “O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər” (“əl-Əraf”, 157).
İbn Əbu Hatim Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, ət-Tai qəbiləsindən olan Adiy ibn Hatim ilə Zeyd ibn Muhəlhil Peyğəmbərdən ﷺ: “Ey Allahın Elçisi, Uca Allah leşi haram etdi. Bəs bizə halal olan şeylər nələrdir?”– deyə soruşduqda, bu ayə nazil oldu: “Səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Bütün təmiz nemətlər sizə halal edildi”. (Hədisin isnadı Səid ibn Cubeyrə qədər yaxşıdır, lakin hədis zahirən “mursəl”dir. Ola bilsin o, bu hədisi Adiy ibn Hatimdən eşitmişdir. Çünki o, Adiydən hədis rəvayət edənlərdən biridir. Zeyd əl-Xeyl ibn Muhəlhil daha əvvəl vəfat etdiyi üçün Səid ibn Cubeyr onu görməmişdir. (Əhməd Şakir). Muqatil ibn Suleyman “Təfsir” 1/281. Ali Nasr isnadının zəif olduğunu bildirmişdir). Səid ibn Cubeyr demişdir: “Təmiz nemətlər”, yəni halal yolla kəsilmiş, təmiz heyvanlar halal edildi”. (İbn Əbu Hatim, 8342). Muqatil demişdir: “Təmiz nemətlər” – insanların halal yolla əldə etdikləri hər cür ruzidir”. (İbn Əbu Hatim, 8343). Necə ki əz-Zuhridən müalicə məqsədilə sidik içməyin hökmü barədə soruşduqda, o: “Sidik təmiz şeylərdən deyil”– deyə cavab vermişdir.
Uca Allah buyurur: “Habelə, Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal edildi”, yəni sizə üzərində Allahın adı çəkilən qurbanlar və təmiz ruzilər halal edildiyi kimi, ov üçün istifadə edilən heyvanlar vasitəsilə ovladıqlarınız da halal edilmişdir. Ov üçün istifadə edilən heyvanlar dedikdə, ov itləri, bəbirlər, şahinlər və s. buna bənzər heyvanlar nəzərdə tutulur. Bu rəy əksər səhabə, tabiin və alimlərin rəyidir. Necə ki İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “...təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal edildi” ayəsi barədə demişdir: “Burada təlim edilmiş ov itləri, şahin və ov etmək üçün öyrədilmiş hər cür quşlar nəzərdə tutulur”. Ayənin mətnində keçən الْجَوَارِحُ [əl-cəvə:rih] sözü vəhşi it, bəbir, şahin və s. bu kimi heyvanlara deyilir. İbn Əbu Hatim belə rəvayət etmiş və sonra demişdir: “Xeysəmə, Tavus, Mucahid və başqalarının da belə dedikləri rəvayət edilmişdir”. Sonra İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Şahin və buna bənzər ov quşlarının ovladıqları heyvana gəlincə, (quş onu parçalayıb yeməmiş) çatsan, sənindir, əks halda, onu yemə”. (ət-Tabəri, 11219).
Mən deyirəm: “Əksər alimlərdən nəql edildiyinə görə, yırtıcı quşlarla edilən ovla ov itləri ilə edilən ov eynidir. Çünki quşlar da eynilə ov itləri kimi, ovu pəncələri ilə tuturlar. Bu səbəbdən də aralarında fərq yoxdur. Bu rəy dörd məzhəb imamlarının və digər alimlərin rəyidir. İbn Cərir də bu rəyi seçmiş və dəlil olaraq Adiy ibn Hatimdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə əsaslanmışdır. Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ şahin quşunun ovladığı ov barədə soruşdum. O: “Sənin üçün tutduğunu ye!”– deyə cavab verdi”. (ət-Tabəri (11156). (Əhməd Şakir). ət-Tirmizi, 1467, 1540. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2546).
İmam Əhməd ibn Hənbəl isə qara itin ovladığı ovu istisna etmişdir, çünki ona görə qara itin öldürülməsi vacibdir və bu iti saxlamaq halal deyil. Muslimin “Səhih” əsərində Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Eşşək, (həddi-büluğa çatmış) qadın və qara it (namaz qılanın qarşısından keçərsə) namazı batil edir”. Əbu Zərr soruşdu: “Qara itin qırmızı itdən fərqi nədir?” Peyğəmbər ﷺ dedi: “Qara it şeytandır”. (Muslim (1/144). (Əhməd Şakir). Muslim, 789, 1165).
Ov üçün istifadə edilən heyvanların ərəbcə الْجَوَارِحُ [əl-cəvə:rih] adlanmasına səbəb bu sözün “qazanc” mənasını verən الْجَرَحُ [əl-cərah] sözündən törəməsidir. (Ov heyvanları da sahibinə qazanc gətirdiklərinə görə belə adlandırılmışdır). Uca Allah eyni sözü “qazanmaq” mənasında işlədərək buyurur: “Gecələr sizi yatızdıran, gündüzlər isə nələr qazandığınızı bilən Odur” (“əl-Ənam”, 60). Yəni gündüzlər qazandığınız xeyir və şər əməlləri bilən Odur.
Bu ayənin nazilolma səbəbi barədə İbn Əbu Hatimin Peyğəmbərin ﷺ azad etdiyi köləsi Əbu Rafidən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədis qeyd olunur. Əbu Rafi bildirmişdir ki, Peyğəmbər ﷺ itlərin öldürülməsini əmr etmişdi və bu səbəbdən itlər azalmışdı. İnsanlar Peyğəmbərin ﷺ yanına gələrək: “Ey Allahın Elçisi, sənin öldürülməsini buyurduğun bu itlərin tutub gətirdiklərindən bizə halal olanlar nədir?”– deyə soruşdular. Peyğəmbər ﷺ bir müddət susduqdan sonra Uca Allahın “Səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Bütün təmiz nemətlər sizə halal edildi. Habelə Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal edildi” ayəsi nazil oldu. Peyğəmbər ﷺ dedi: “Əgər kişi Allahın adını çəkərək iti ovun üzərinə buraxarsa, it ovu tutduqdan sonra yeməmişsə, itin gətirdiyini yeyə bilər”. Hədisi İbn Cərir (ət-Tabəri (11134). ət-Tabərinin rəvayəti mətn baxımından İbn Əbu Hatimin rəvayətindən daha uzundur. Lakin hər iki rəvayətin isnadı zəifdir. Sənədlərində Musa ibn Ubeydə ər-Rabzi var və o, olduqca zəif ravidir. (Əhməd Şakir). ət-Tabəri, 11211, 11276). və əl-Hakim də rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədis səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/311). əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 3212).
Bəzi alimlər bu ayəni dəlil gətirərək ov üçün öyrədilmiş yırtıcı heyvanın ovu əzərək və ya pəncəsi və caynağı ilə vuraraq öldürdüyü halda yeyilməsinin halal olmadığını demişlər. Necə ki bu rəy bir çox alimlərin, eləcə də İmam əş-Şafiinin iki rəyindən biridir. Bu səbəbdən Uca Allah ayədə “Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal edildi” buyurur. Yəni göndərdiyiniz zaman qaçıb gətirən, çağırdığınız zaman gələn, ovu tutduqda isə özü üçün deyil, sahibi üçün tutan heyvanların tutduqları halaldır. Buna görə Uca Allah ayənin davamında “Onların sizin üçün tutub gətirdiklərindən yeyin və onları ovun üzərinə göndərərkən Allahın adını çəkin” buyurur. Əgər yırtıcı heyvan ov üçün öyrədilmiş olub, ovu sahibi üçün tutarsa, sahibi də onu ovun dalınca göndərərkən Allahın adını çəkərsə, alimlərin yekdil rəyinə görə, bu heyvan tutduğu ovu öldürmüş olsa belə, onu yemək halaldır.
Bu ayənin mənasına dəlalət edən bir çox hədislər var. Necə ki, əl-Buxari və Muslim “Səhih” əsərlərində rəvayət etmişlər ki, Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Ey Allahın Elçisi, mən öyrədilmiş iti ovun üzərinə göndərir və göndərərkən Allahın adını çəkirəm. Onun gətirdiyini yeyə bilərəmmi?” Peyğəmbər ﷺ dedi: “Ov üçün təlim keçmiş itini ovun üzərinə göndərdiyin zaman Allahın adını çəkərsənsə, sənin üçün tutduğunu ye!” Mən dedim: “Hətta ovu öldürmüş olsa belə?” Peyğəmbər ﷺ dedi: “Hətta öldürmüş olsa belə, yeyə bilərsən, lakin əgər öz itlərinlə yanaşı, başqa itlərin də ova şərik olduğunu görsən, yemə. Çünki sən öz itini ovun üstünə göndərəndə “bismilləh” demisən, o biri it üçün isə Allahın adını çəkməmisən”. Mən soruşdum: “Bəzən mən “mirad” deyilən oxla ovu vururam. Onu yeyə bilərəmmi?” Peyğəmbər ﷺ dedi: “Əgər ox şikara batıb onu deşərsə, yeyə bilərsən, yox, əgər gövdəsi dəyib öldürərsə, onu yemə. Çünki o, küt alətlə vurulmuş heyvan sayılır”. əl-Buxari və Muslimin başqa bir rəvayətində belə deyilir: “İtini ovun üzərinə göndərdiyin zaman Allahın adını çək! Əgər o, sənin üçün nəsə tutarsa və sən onun tutduğuna sağ ikən yetişsən, onu kəs! Əgər ona çatdıqda artıq ölmüş olsa və it ondan yeməyibsə, onu ye! Çünki itin ovu tutması onun kəsilməsi deməkdir”. Digər rəvayətlərdə isə belə deyilir: “Əgər it həmin ovdan yemişdirsə, sən ondan yemə. Çünki belə olduğu halda, qorxuram ki, o, bu ovu özü üçün ovlamış olsun”. (əl-Buxari, 165, 179, 5054, 5062-5063, 5476, 5486-5487; Muslim, 1929, 3560-3562, 5081-5083). Bu hədis əksər alimlərin dediklərinə dəlildir. Həmçinin əş-Şafii məzhəbində də doğru olan rəy budur ki, əgər it tutduğu ovdan yemişsə, bu ov mütləq şəkildə haramdır. Bu rəyi deyənlər hədisdə varid olan təfsilata varmamışlar. Bir çox sələf alimləri isə təfsilata vararaq itin yediyi ovun mütləq şəkildə haram olmadığını demişlər. [Bu rəy Salman əl-Farisidən, Sad ibn Əbu Vaqqasdan, Əbu Hureyradan və İbn Ömərdən nəql olunmuşdur.] Həmçinin Əli və İbn Abbasdan (Allah onlardan razı olsun) da rəvayət edilir. əz-Zuhri, Rabiə, Malik də bu rəyi demişlər. əş-Şafiinin köhnə rəyi belədir, lakin yeni rəyində də buna eyham etmişdir.
Əbu Davud Amr ibn Şueybdən, o da atasından, o da Şueybin babasından (Abdullah ibn Amr ibn əl-Asdan ) rəvayət etmişdir ki, Əbu Sələbə adlı bir bədəvi ərəb Peyğəmbərin ﷺ yanına gəlib soruşdu: “Ey Allahın Elçisi, mənim ov üçün təlim keçmiş itlərim var. Bu itlərin ovladıqları ov barədə mənə fətva ver (şəriət baxımından hökmünü bildir)”. Peyğəmbər ﷺ dedi: “Əgər sənin ov üçün təlim keçmiş itlərin varsa, onların sənin üçün tutduqlarından yeyə bilərsən”. Əbu Sələbə soruşdu: “Kəsilsə də, kəsilməsə də?” Peyğəmbər ﷺ: “Bəli”– deyə cavab verdi. Əbu Sələbə soruşdu: “Hətta tutduğu ovdan yesə belə?” Peyğəmbər ﷺ: “Bəli, hətta tutduğundan yesə belə”– deyə cavab verdi. Əbu Sələbə dedi: “Ey Allahın Elçisi, mənə oxla vurduğum ov barədə fətva ver”. Peyğəmbər ﷺ dedi: “Oxla ovladığını yeyə bilərsən”. Əbu Sələbə soruşdu: “Kəsilsə də, kəsilməsə də?” Peyğəmbər ﷺ dedi: “Əgər itsə, nə qədər ki iylənməyib, yaxud üzərində öz oxundan başqa iz tapılmayıb, yeyə bilərsən”. Əbu Sələbə dedi: “Mənə atəşpərəstlərin qabları barədə fətva ver. Ehtiyac olduqda onlardan istifadə edə bilərikmi?” Peyğəmbər ﷺ dedi: “Onu yu, sonra onda ye”. Bu hədisi ən-Nəsəi də rəvayət etmişdir. (Əbu Davud (2857); Əhməd (6725); ən-Nəsəi (2/196). (Əhməd Şakir). Əbu Davud, 2857, 2859; ən-Nəsəi “Sunən” 4222, 4296, 4313, 4807. Hədis həsəndir. Bax: Səhih va Daif Sunən Əbu Davud, 2857. Hədisin “Hətta tutduğu ovdan yesə belə?” hissəsi zəifdir. Bax: Daif Sunən Əbu Davud, 493). Həmçinin Əbu Davud Əbu Sələbədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İtini ovun üzərinə göndərdikdə Allahın adını çəkmisənsə, onun gətirdiyini ye. Hətta itin o ovdan yemiş olsa belə. Öz əlinlə ovladığın hər şeyi yeyə bilərsən”. Hər iki hədisin isnadı yaxşıdır. (Əbu Davud (2852). (Əhməd Şakir). Əbu Davud, 2854. Hədisin “Hətta tutduğu ovdan yesə belə?” hissəsi istisna olmaqla, hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2028).
Hər iki hədis dəlalət edir ki, bir hissəsini yemiş olsa belə, itin ovladığı heyvanları yemək icazəlidir. İtin və ya yırtıcı ov heyvanının tutub bir hissəsini yediyi ovu haram saymayan alimlər bu rəvayətlərə əsaslanmışlar. Necə ki daha əvvəl bu mövzu barədə olan rəvayətləri nəql etdik. Başqa bir qrup alim isə bu məsələdə orta mövqe tutaraq demişlər: “Əgər it ovu tutduqdan dərhal sonra yeyərsə, bu halda, Adiy ibn Hatimin hədisinə görə, yemək haramdır. Bu halda haram olmasına səbəb Peyğəmbərin ﷺ işarə etdiyi bu xüsusdur: “Əgər it həmin ovdan yemişdirsə, sən ondan yemə! Çünki belə olduğu halda, qorxuram ki, o bu ovu özü üçün ovlamış olsun”. Lakin, əgər it ovu tutduqdan sonra sahibini gözləyər və sahibi uzun müddət gəlmədikdə, it acdığı üçün ovdan yeyərsə, bu halda itin ovdan yeməsi ovlanan heyvanı haram etmir”. Əbu Sələbədən rəvayət olunan hədisi isə bu mənaya yozmuşlar. Bu təfsilat çox gözəldir və hər iki hədisi cəm etmək daha doğru olar. Ustad Əbul-Məali əl-Cuveyni özünün “ən-Nihayə” adlı əsərində bu məsələdə belə bir təfsilata lüzum olduğunu arzu etmiş, Uca Allah da onun bu arzusunu həqiqətə çevirmişdir. Onun yoldaşlarından bir qrup alim bu məsələdə təfsilata varmışdır. Bəzi alimlər bu məsələdə dördüncü bir rəy irəli sürərək itin ovu yeməsi ilə ov quşunun ovu yeməsini fərqləndirmiş və Adiy ibn Hatimin hədisinə görə, itin ovu yediyi halda, ovun haram olduğunu demişlər. Şahinin və buna bənzər ov quşlarının ovu yeməsi halında isə ovun haram olmadığını demişlər. Çünki şahin və buna bənzər ov quşları yalnız ov yedirdilərək öyrədilirlər.
Uca Allah buyurur: “Onların sizin üçün tutub gətirdiklərindən yeyin və onları ovun üzərinə göndərərkən Allahın adını çəkin”, yəni təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız zaman Allahın adını çəkin. Necə ki Peyğəmbər ﷺ Adiy ibn Hatimə belə demişdir: “Ov üçün təlim keçmiş itini ovun üzərinə göndərdiyin zaman Allahın adını çəkərsənsə, sənin üçün tutduğunu ye!” Həmçinin əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan Əbu Sələbənin hədisində belə demişdir: “İti ovun üzərinə göndərdiyin zaman Allahın adını çək. Oxu atdıqda da Allahın adını çək!” (Muslim, 3565, 5090). Bu səbəbdən bəzi məzhəb imamları (İmam Əhməddən məşhur olan rəyə görə) bu ayəyə və bu hədisə əsasən iti ovun üzərinə göndərərkən və ya oxu atarkən Allahın adını çəkməyin (“Bismilləh” deməyin) şərt olduğunu demişlər. Əksər alimlərdən məşhur olan rəy də budur. Bu ayədə nəzərdə tutulan əsas məqam təlim edilmiş heyvan və quşları ovun üzərinə göndərərkən Allahın adının çəkilməsidir. əs-Suddi və başqaları da belə demişlər. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “onları ovun üzərinə göndərərkən Allahın adını çəkin” sözü barədə demişdir: “Ov heyvanını ovun üzərinə göndərdiyin zaman “Bismilləh” (Allahın adı ilə) de! Əgər unutsan, bir qəbahət yoxdur”. (ət-Tabəri, 11218, 11283). Bəzi alimlər isə demişlər: “Bu ayədə nəzərdə tutulan, yemək yeyərkən Allahın adının çəkilməsidir”. əl-Buxarinin “Səhih” əsərində rəvayət olunan hədisdə Peyğəmbər ﷺ Ömər ibn Əbu Sələməni öyrədərkən belə demişdir: “Yemək yeyərkən Allahın adını çək (“Bismilləh” de), özün də sağ əllə və qarşından ye!” (əl-Buxari, 4957, 5376; Muslim, 3767, 5388). Yenə əl-Buxarinin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi! Bəzi adamlar bizə ət gətirir və biz bilmirik, onlar (heyvanı kəsdikdə) Allahın adını çəkmişlər, ya yox”. Peyğəmbər ﷺ buyurdu: “Siz “Bismilləh” deyib yeyin!” (əl-Buxari, 1916, 2057).
İmam Əhməd Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ səhabələrindən altı nəfərlə birlikdə yemək yeyirdi. Bu əsnada bir bədəvi ərəb gəlib yeməkdən iki loxma yedi. Peyğəmbər ﷺ dedi: “Əgər o, Allahın adını çəksəydi (“Bismilləh” desəydi), şübhəsiz, bu yemək sizə çatardı. Qoy sizdən biri yemək yeyərkən Allahın adını çəksin! Əgər yeməyin əvvəlində Allahın adını çəkməyi unudarsa, qoy “əvvəlində də, sonunda da Allahın adı ilə” desin!” Həmçinin hədisi Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər. (Əhməd, 25149, 25619, 26131, 26335; Əbu Davud, 3769; ət-Tirmizi, 1858, 1977. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 2107, İrvaul-Ğalil, 1965).
İmam Əhməd Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, biz Peyğəmbərlə ﷺ birlikdə yemək yeyərkən Peyğəmbər ﷺ əlini uzadıb yeməyə başlamayana qədər biz yeməyə əlimizi uzatmazdıq. Bir dəfə Peyğəmbərlə ﷺ birlikdə yeməyə oturduq. Bu vaxt bir kölə qadın tələsik gəlib əlini yeməyə uzatdı. Sanki onu kimsə itələyirdi. Peyğəmbər ﷺ onun əlini tutdu. Sonra bir bədəvi ərəb sanki onu itələyirlərmiş kimi tələsik əlini yeməyə uzatdı. Peyğəmbər ﷺ onun da əlini tutdu və belə dedi: “Həqiqətən, şeytan Allahın adı çəkilməyən yeməyi özünə halal etmək istəyir. Əvvəlcə o, bu kölə qadınla gəlib yeməyi özünə halal etmək istədi və mən onun əlini tutdum. Sonra bu bədəvi ərəblə gəlib yeməyi özünə halal etmək istədi, mən onun da əlini tutdum. Canım əlində olan Allaha and olsun ki, onun əli bu iki nəfərin (kölə qadın və bədəvi ərəbin) əli ilə birlikdə mənim əlimin içində idi”. Peyğəmbər ﷺ belə deməklə, şeytanın əlini nəzərdə tuturdu”. Həmçinin hədisi Muslim, Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər. (Əhməd (5/382-383 Hələbi nəşri); Muslim (2/134-135). (Əhməd Şakir). Əhməd, 23249, 23297, 23638; Muslim, 3761, 5378).
ət-Tirmizi istisna olmaqla, digər “Sunən” əsərlərinin sahibləri və Muslim Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Bir insan evinə girərkən və yemək yeyərkən Allahı yad edərsə (“Bismilləh” deyərsə), şeytan deyər: “Sizin bu evdə gecələməyiniz və yeməyiniz mümkün deyil”. Bir insan evinə girərkən Allahın adını çəkməzsə, şeytan deyər: “Gecələmək üçün yer tapdınız”. Əgər həmin insan yemək yeyərkən Allahın adını çəkməzsə, şeytan deyər: “Gecələmək üçün yer və yemək tapdınız”. Hədisin mətni Əbu Davuda aiddir. (Əbu Davud, 3767; Muslim, 3762, 5381; İbn Məcə, 3887).
əl-Maidə, 5
الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
5. Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərtilə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar.
Uca Allah əvvəlki ayələrdə mömin qullarına haram etiyi murdar şeyləri və halal etdiyi təmiz nemətləri sadaladıqdan sonra bu ayədə: “Bu gün pak nemətlər sizə halal edildi”– deyə buyurur. Sonra Kitab əhlinin – yəhudi və xaçpərəstlərin kəsdikləri heyvanların hökmünü bildirərək, “Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır” buyurur. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr və başqaları demişlər: “Ayədə yemək dedikdə, Kitab əhlinin kəsdikləri heyvanlar nəzərdə tutulur”. Alimlər arasında Kitab əhlinin kəsdiklərinin müsəlmanlara halal olması yekdilliklə qəbul edilmişdir. Çünki onlar da Allahdan başqasının adına kəsməyin haram olduğuna inanır və kəsdikləri heyvanların üzərində yalnız Allahın adını çəkirlər. Onlar Allah barədə səhv inanclara sahib olsalar da (Allah onların dediklərindən uca və uzaqdır), kəsdikləri heyvanların üzərində Allahdan başqasının adını çəkməzlər. “Səhih” əsərində rəvayət edilir ki, Abdullah ibn Muğaffəl (Allah ondan razı olsun) belə demişdir: “Xeybər günü bir yağ tuluğu ələ keçirdim. Mən onu götürərək: “Bu gün bundan heç kəsə bir şey verməyəcəyəm”– dedim. Sonra çevrilib Peyğəmbərin ﷺ təbəssüm etdiyini gördüm”. (Muslim (2/95); Əhməd (16862). (Əhməd Şakir). Muslim, 3320, 4704). Fiqh alimləri bu hədisə əsaslanaraq əldə edilən qənimətlər arasında ehtiyac duyulan yeməklərin bölünmədən əvvəl yeyilə biləcəyinə icazə vermişlər. Hədisdən bu, aydın görünür. Həmçinin Hənəfi, Şafii və Hənbəli məzhəbinin alimləri bu hədisi dəlil gətirərək Maliki məzhəbinin alimlərinə qarşı çıxmışlar. Belə ki, Maliki məzhəbinin alimləri yəhudilərin kəsdikləri heyvanlarda onlara haram edilmiş yağ və buna bənzər şeylərin bizə də haram olduğunu demişlər. (Çünki Uca Allah yəhudilərə inəyin və qoyunun piyini haram etmişdir. Yalnız bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisnadır. Uca Allah bu xüsusda buyurur: “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq” (“əl-Ənam”, 146). Maliki məzhəbinin alimləri Uca Allahın “Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır” ayəsinə əsaslanaraq onlara haram edilən yeməkləri müsəlmanlara halal görmürlər. Çünki bu, Kitab əhlinin yeməklərindən deyil. Əksər alimlər isə bu hədisi onlara qarşı dəlil gətirmişlər. Lakin buna bir daha nəzər yetirmək lazımdır, çünki ola bilsin ki, bu, ona (Abdullah ibn Muğəffələ) xas olan bir haldır və tuluqda olan yağ yəhudilərin halal gördükləri heyvanın bel sütunlarına və bağırsaqlarına yapışan yağ olmuşdur. Ən doğrusunu isə Allah bilir.
Kitab əhlinin kəsdiklərinin müsəlmanlara halal olmasına ən çox dəlalət edən hədis “Səhih” əsərində rəvayət edilən bu hədisdir: “Peyğəmbər ﷺ Xeybəri fəth etdikdə xeybərlilər Peyğəmbərə ﷺ qızardılmış bir qoyun hədiyyə etdilər. Onlar qoyunun qol hissəsini zəhərləmişdilər. Peyğəmbər ﷺ qoyunun bu hissəsini yeməyi sevərdi. Peyğəmbər ﷺ əlini ətə uzatdı və ətdən bir parça yedi. Heyvanın qol hissəsi Peyğəmbərə ﷺ zəhərli olduğunu xəbər verdi. Peyğəmbər ﷺ ağzına aldığı tikəni tüpürdü, lakin zəhər Peyğəmbərin ﷺ ön dişlərinə və damarlarına təsir etdi. Peyğəmbərlə ﷺ birlikdə bu zəhərli qoyundan Bişr ibn əl-Bəra da yemişdi və o, bu zəhərin təsirindən öldü. Onu zəhərləyən yəhudi qadının adı Zeynəb idi. Bu qadın Bişr ibn əl-Bəraya qarşılıq öldürüldü”. (Əbu Davud, 4512, 4514. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5931). Bu hədisin dəlalət etdiyi budur ki, Peyğəmbər ﷺ və onunla birlikdə olanlar bu qoyunu yemişlər və yəhudilərdən bu qoyunun haram saydıqları yağını ətindən ayırıb-ayırmadıqları barədə soruşmamışlar. Çünki Kitab əhli kəsdikləri heyvanların üzərində Allahın adını çəkirlər və bu da onlarda Allaha ibadət sayılır. Buna görə Kitab əhlindən başqa müşriklərin və onlara bənzəyənlərin kəsdikləri heyvanlar halal deyil, çünki onlar kəsdikləri heyvanların üzərində Allahın adını çəkmirlər və yedikləri ətin kəsilmiş olub-olmamasına da əhəmiyyət vermirlər. Hətta alimlərin iki rəyindən birinə görə leş ətini də yeyirlər. Kitab əhli və onlara bənzəyən samirilər, sabiilər, habelə İbrahim, Şis və digər peyğəmbərlərin dinlərinə tabe olanlar isə belə deyillər.
Məcusilərə (atəşpərəstlərə) gəlincə, onlar cizyə alınması baxımından Kitab əhli ilə eyni olsalar da, kəsdikləri heyvanları yemək və qadınları ilə evlənmək olmaz. Lakin əş-Şafii məzhəbinin alimlərindən olan Əbu Səur və bəzi Hənbəli məzhəbinin alimləri bu rəyə müxalif çıxmışlar. Əbu Səur bu rəyi ilə məşhur olduğu üçün fiqh alimləri ona qarşı çıxmışlar. Hətta Əhməd ibn Hənbəl onun barəsində demişdir: “Bu məsələdə Əbu Səur adı kimi davranmışdır”. (Əbu Səur adının mənası “öküzün atası” deməkdir). Əbu Səur Peyğəmbərdən ﷺ mursəl olaraq rəvayət edilən “Onlarla (atəşpərəstlərə) Kitab əhli ilə davrandığınız kimi davranın” (Malik, 616, 756, 759, 968; əş-Şafii, 1182. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 1248, 2253; Ğayətul-Məram fi Təxrici Əhədisil-Hələl val-Həram, 43). hədisinin ümumi mənasına əsaslanmışdır. Lakin hədis bu mətnlə sabit deyil. əl-Buxarinin “Səhih” əsərində Abdur-Rahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbərin ﷺ Həcərdə yaşayan məcusilərdən cizyə aldığı bildirilir. (əl-Buxari, 2923, 3157). Əbu Səurun əsaslandığı hədis səhih olsa belə, onun ümumi mənasını bu ayə xüsusiləşdirir: “Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır”. Bu ayədən çıxan əks mənaya əsasən Kitab əhlindən başqa, digər din mənsublarının kəsdikləri heyvanlar halal deyil.
Uca Allah buyurur: “Sizin yeməkləriniz də onlara halaldır”, yəni siz də kəsdiyiniz heyvanlardan onlara verə bilərsiniz. Bu ifadə ilə Kitab əhlinin dinlərindəki hökmlərin müsəlmanlara bildirilməsi nəzərdə tutulmur. Nəzərdə tutulmuş olsa da, yalnız kəsilərkən Allahın adı çəkilən hər bir heyvanın onlara halal olduğu xəbər verilə bilər, istər kəsən öz dinlərindən olsun, istər başqa dindən olsun. Lakin birinci məna daha uyğundur. Yəni siz onların kəsdikləri heyvanlardan yediyiniz kimi, öz kəsdiyinizdən də onlara yedirdə bilərsiniz. Bu, icazə, əvəz və qarşılıq vermək qəbilindəndir. Necə ki Abdullah ibn Ubey ibn Səlul (Mədinədəki münafiqlərin başçısı) öldükdə Peyğəmbər ﷺ ona öz paltarını geyindirərək dəfn etmişdir. Buna səbəb isə Abbas Mədinəyə gəldikdə Abdullah ibn Ubeyin öz paltarını ona geyindirməsi olmuşdur. Peyğəmbər ﷺ də buna qarşılıq olaraq belə etmişdir. Peyğəmbərin ﷺ “Mömindən başqası ilə dostluq etmə! Yeməyini müttəqilərdən (Allahdan qorxanlardan) başqası yeməsin” (Əhməd, 11337, 11355; Əbu Davud, 4832, 4834; ət-Tirmizi, 2395, 2574; İbn Hibban, 555; əl-Hakim, 7169. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7341). hədisinə gəlincə, bu, müstəhəb mənasındadır. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Mömin qadınlardan ismətli olanlar”, yəni azad və iffətli mömin qadınlarla nikah bağlamaq sizə halaldır. Bu ifadə daha sonra gələn “və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərtilə sizə halaldır” sözü üçün bir girişdir. Bəzi alimlər ayədə keçən الْمُحْصَنَاتُ [əl-muhsanə:tu] “ismətli olanlar” sözü ilə kölə olmayan, azad qadınların nəzərdə tutulduğunu demişlər. Bu rəyi İbn Cərir Mucahiddən nəql etmişdir. Mucahid belə demişdir: “İsmətli qadınlar, azad qadınlardır”. Ola bilsin, Mucahid belə deməklə, İbn Cəririn nəql etdiyi qənaəti nəzərdə tutmuş, ola da bilsin, azad və iffətli qadınları nəzərdə tutmuşdur. Necə ki bu, başqa bir rəvayətdə Mucahiddən nəql olunur. Əksər alimlərin rəyi də belədir və bu rəy daha uyğundur. Beləcə, ismətli olmayan zimmi qadınlar bura aid deyil. Atalar sözündə deyildiyi kimi: “Həm pis xurma, həm də çəkisi az”. Ayənin zahirindən aydın olan budur ki, الْمُحْصَنَاتُ [əl-muhsanə:tu] “ismətli olanlar” sözü ilə zinakarlıq etməyən, iffətli qadınlar nəzərdə tutulur. Uca Allah başqa bir ayədə eyni sözü bu mənada işlədərək buyurur: “Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin” (“ən-Nisa”, 25).
Daha sonra təfsirçilər və alimlər Uca Allahın “Sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar” ayəsinin ümumi olub, Kitab əhlindən, istər azad olsun, istər kölə, bütün ismətli qadınlara aid olub-olmaması məsələsində ixtilaf etmişlər. İbn Cərir ayədəki الْمُحْصَنَاتُ [əl-muhsanə:tu] sözünü “ismətli qadınlar” mənasında təfsir edən bir qrup sələf alimlərindən Kitab əhlinin bütün ismətli qadınlarının (həm kölə, həm azad) bu ayəyə daxil olduğunu nəql etmişdir. Bəzi alimlər isə ayədə “Kitab əhli” dedikdə, yəhudilərin nəzərdə tutulduğunu demişlər. əş-Şafiinin rəyi də budur. Bəzi alimlər isə ayədə hərbi kafirlərin deyil, zimmi kafirlərin nəzərdə tutulduğunu demişlər. (Kafirlər müsəlmanlarla olan münasibətlərinə görə dörd qisimdirlər:
1. Mustəmin (müsəlmanlar tərəfindən əmin-amanlıq verilmiş kafirlər) – İslama dəvət etmək üçün müsəlman ölkəsinə dəvət olunmuş və təhlükəsizliyi təmin olunmuş kafirlərdir. Uca Allah buyurur: “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür” (“ət-Tövbə”, 6).
2. Muahəd – müsəlmanlarla aralarında sülh müqaviləsi bağlanmış kafirlər. Necə ki Peyğəmbərimiz ﷺ Qureyşlə Hudeybiyyə sülhündə 10 illik sülh müqaviləsi bağladı.
3. Zimmi kafirlər – Cizyə vergisi verməklə, müsəlmanların himayəsində olan və müsəlman qanunlarına tabe olan kafirlər. Yuxarıda qeyd etdiyimiz bu üç növ kafiri öldürmək haramdır, əksinə, dinimiz onlarla gözəl davranmağı və onlara yaxşılıq etməyi buyurmuşdur. Abdullah ibn Amr rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim müsəlmanlarla müqavilə bağlamış bir kafiri öldürərsə, Cənnətin iyini duymaz. Halbuki onun iyi qırx illik məsafədən duyulur”. (əl-Buxari, 2930, 3166).
4. Hərbi kafirlər – müsəlmanlara müharibə elan etmiş kafirlərdir. Uca Allahın Quranda öldürülməsini əmr etdiyi kafirlər məhz bunlardır). Çünki Uca Allah buyurur: “Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun” (“ət-Tövbə”, 29). Abdullah ibn Ömər (Allah ondan razı olsun) xaçpərəst qadınlarla evlənməyi icazəli görməz və belə deyərdi: “Bir kişinin “Evləndiyim qadının Rəbbi İsadır” deməsindən daha böyük bir şirk olduğunu bilmirəm”. Halbuki Uca Allah: “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin”– deyə buyurur (“əl-Bəqərə”, 221)”. (əl-Buxari, 4887, 5285. Bu rəvayət “əl-Bəqərə” surəsinin 221-ci ayəsinin təfsirində keçmişdir).
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin” ayəsi nazil olduqda müsəlmanlar müşrik qadınlarla evlənməkdən çəkindilər. Nəhayət, Uca Allahın “Sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərtilə sizə halaldır” ayəsi nazil oldu və müsəlmanlar Kitab əhlinin qadınları ilə evləndilər”. (Hədisi əlyazmada olduğu kimi, Əbu Malik əl-Ğifari İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədis zahirən İbn Abbasın sözü olsa da, mənaca Peyğəmbərə ﷺ nisbət olunan hədis hökmündədir. Bəzi nüsxələrdə İbn Abbasın adı düşdüyünə görə Əhməd Şakir hədisin mursəl olduğunu demişdir. İbn Əbu Hatim, 2095).
Səhabələrdən bir çoxu xaçpərəst qadınlarla evlənmişlər və Uca Allahın “sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərtilə sizə halaldır” ayəsini əsas götürərək onlarla evlənməkdə bir qəbahət görməmişlər. Onlar bu ayənin “əl-Bəqərə” surəsindəki “Müşrik qadınlar iman gətirməyincə, onlarla evlənməyin” (“əl-Bəqərə”, 221) ayəsini xüsusiləşdirdiyini qəbul etmişlər. (“əl-Bəqərə” surəsinin 221-ci ayəsinin təfsirinə bax. (Əhməd Şakir). Bu ayənin (“əl-Bəqərə”, 221) ümumi mənasına Kitab əhlindən olan qadınlar daxil olsalar da, bu iki ayə arasında heç bir ziddiyyət yoxdur. Çünki bir çox ayələrdə Kitab əhli müşriklərdən ayrı qeyd edilmişdir. Necə ki Uca Allah buyurur: “Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə, küfrlərindən əl çəkmədilər” (“əl-Beyyinə”, 1). Başqa bir ayədə isə buyurur: “Kitab verilənlərə və savadsızlara de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görəndir” (“Ali-İmran”, 20).
Uca Allah buyurur: “...mehrlərini verdiyiniz təqdirdə”, yəni ismətli və namuslu qadınlar olduqları üçün onlara mehrlərini könül xoşluğu ilə tam şəkildə verin. Cabir ibn Abdullah, əş-Şabi, ən-Nəxai və əl-Həsən əl-Bəsri fətva vermişlər ki, əgər bir kişi bir qadınla nikah bağlayarsa və kişi qadınla yaxınlıq etməzdən əvvəl qadın zina edərsə, bu kişi ilə qadını ayırırlar və kişinin qadına verdiyi mehr tam şəkildə kişiyə qaytarılır. Bu fətvanı onlardan İbn Cərir rəvayət etmişdir.
Uca Allah buyurur: “...namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərtilə sizə halaldır”, yəni evlilikdə qadınların ismətli və zinadan uzaq olmaları şərt olduğu kimi, kişilərin də evlilikdə ismətli və zinadan uzaq olmaları şərtdir. Bu səbəbdən Uca Allah ayədə “namuslu olub zinakarlıq etməmək... şərtilə” buyurur. Zina edən kişi, günahdan çəkinməyən və onunla zina etmək istəyəni rədd etməyən kişidir. Uca Allah buyurur: “...aşna saxlamamaq şərtilə halaldır”, yəni yalnız onlarla yaxınlıq etdikləri məşuqələr saxlamamaq şərtilə halaldır. Necə ki “ən-Nisa” surəsində bu barədə danışmışıq. Bu səbəbdən İmam Əhməd ibn Hənbəl zinakar qadın tövbə etməyənə qədər onunla nikah bağlamağın etibarlı sayılmadığını və qadın öz asiliyində davam etdiyi müddət ərzində onu ismətli bir kişi ilə evləndirməyin doğru olmadığını demişdir. Həmçinin Əhməd ibn Hənbələ görə, zinakar kişi tövbə edib zinadan imtina etməyənə qədər onu ismətli bir qadınla evləndirmək doğru deyil. Əhməd ibn Hənbəl bu ayə ilə bu hədisə əsaslanmışdır: “Zina etdiyinə görə şallaqlanmış kişi, yalnız özü kimi zinaya görə şallaqlanmış qadınla evlənə bilər”. (Əbu Davud, 2050, 2052; əl-Hakim, 2700. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2444). Bu mövzu “ən-Nur” surəsinin “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (“ən-Nur”, 3) ayəsinin təfsirində təfsilatlı şəkildə gələcəkdir. Bu səbəbdən Uca Allah ayənin sonunda: “İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar”– deyə buyurur.
əl-Maidə, 6
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
6. Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O, sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
Bir çox sələf alimləri Uca Allahın “namaza qalxdığınız zaman” sözünü “dəstəmazsız olduğunuz halda namaza qalxdığınız zaman” kimi təfsir etmişlər. Digər alimlər isə ayəni “yuxudan oyanıb namaza qalxdığınız zaman” şəklində təfsir etmişlər. Hər iki məna bir-birinə yaxındır. Başqa bir qrup alim isə demişdir: “Ayənin mənası daha ümumidir, çünki ayə namaza qalxdıqda dəstəmaz almağı əmr edir. Bu əmr dəstəmazı olmayan adam üçün vacib, dəstəmazı olan adam üçün isə müstəhəb mənasındadır. Bəzi alimlər isə İslamın əvvəlində hər namaz üçün dəstəmaz almağın vacib olduğunu, lakin sonradan bu hökmün nəsx edildiyini demişlər”.
İmam Əhməd Bureydənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ hər namazdan qabaq dəstəmaz alardı. Məkkənin fəthi günü o, dəstəmaz aldı, xuflarının (Xuf – dəridən və ya başqa yumşaq materialdan tikilən topuqdan yuxarı yüngül ayaqqabıdır). üzərinə məsh çəkdi və namazlarını bir dəstəmazla qıldı. Ömər ona dedi: “Ey Allahın Elçisi, sən indiyə qədər etmədiyin bir şeyi etdin”. Peyğəmbər ﷺ dedi: “Ey Ömər, mən bunu bilərəkdən etdim”. (Əhməd, 23029, 23079, 23417; İbn Hibban, 12; ət-Tirmizi, 61. Şueyb əl-Arnavut hədisin isnadının Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir). Hədisi Muslim və “Sunən” əsərlərinin müəllifləri bu şəkildə rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir.
İbn Cərir Fadl ibn Mubəşşirin belə dediyini rəvayət etmişdir: “Mən Cabir ibn Abdullahın bir dəstəmazla bir neçə namazı qıldığını gördüm. O, subaşına çıxdıqda və ya dəstəmazı pozulduqda dəstəmaz alar və dəstəmazdan əlində qalan su ilə xuflarının üzərinə məsh çəkərdi. Mən soruşdum: “Ey Əbu Abdullah, bu etdiyin şey öz rəyinə görədirmi?” O: “Xeyr, Peyğəmbərin ﷺ belə etdiyini gördüm. Mən də Peyğəmbərin ﷺ etdiyi kimi edirəm”– deyə cavab verdi”. İbn Məcə də hədisi belə rəvayət etmişdir. (ət-Tabəri (11318); İbn Məcə (511). Hədisin isnadı səhihdir. Fadl ibn Mubəşşir mötəbər tabiindir. Ona tən edənlər səhv etmişlər. əl-Buxari onu “əl-Kəbir” əsərində (4/1/114) zikr etmiş və onun mötəbərliyinə xələl gətirən heç nə deməmişdir. İbn Hibban onu “əs-Siqa” (Mötəbər ravilər) əsərində qeyd etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 11385; İbn Məcə, 511. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 413).
İmam Əhməd Muhəmməd ibn Yəhya ibn Həbbəndən rəvayət etmişdir ki, bir dəfə o, Abdullah ibn Ömərin oğlu Ubeydullahdan soruşmuşdur: “Abdullah ibn Ömərin necə dəstəmaz aldığını gördünmü? O, istər dəstəmazlı olsun, istər dəstəmazsız, hər namaz üçün dəstəmaz alır. Görəsən, o, bunu nəyə əsasən edir?” Ubeydullah dedi: “Əsmə bint Zeyd ibn əl-Xattab ona Abdullah ibn Hənzalədən rəvayət etmişdir ki, Peyğəmbərə ﷺ, istər dəstəmazlı olsun, istər dəstəmazsız, hər namazdan əvvəl dəstəmaz almaq əmr edilmişdi. Bu, Peyğəmbərə ﷺ çətin gəldikdə, ona hər namazdan əvvəl misvakla dişləri təmizləmək əmr olundu və dəstəmazsız olduğu hal istisna olmaqla, hər namazdan əvvəl dəstəmaz almaq əmri qaldırıldı. Abdullaha gəlincə, o, buna gücü çatacağını düşünürdü, odur ki, hər namazdan əvvəl dəstəmaz almağı ölənə qədər tərk etmədi”. Həmçinin hədisi Əbu Davud rəvayət etmişdir. Hədisin isnadı səhihdir. (Əhməd (5/225 Hələbi nəşri); Əbu Davud (48); ət-Tabəri (11328, 11329). (Əhməd Şakir). Əhməd, 21960, 22010, 22306; ət-Tabəri, 11328, 11395. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 426). Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə etməsi və davamiyyətli olaraq hər namazdan əvvəl dəstəmaz alması əksər alimlərin dediyi kimi, bu əməlin müstəhəb olmasına dəlalət edir.
İbn Cərir İkrimənin belə dediyini rəvayət etmişdir: “Əli hər namazdan əvvəl dəstəmaz alar və (dəlil olaraq) bu ayəni oxuyardı: “Ey iman gətirənlər! Namaza qalxdığınız zaman...” (ət-Tabəri (11323). (Əhməd Şakir). ət-Tabəri, 11390). İbn Cərir ən-Nəzzəl ibn Səbranın belə dediyini rəvayət etmişdir: “Əlinin Zöhr namazını qıldıqdan sonra (Kufə məscidindəki) Rəhəbə qapısının yanına gəlib orada oturduğunu gördüm. Sonra ona su gətirdilər və o, üzünü və əllərini yudu. Başına və ayaqlarına məsh çəkdi və dedi: “Bu, dəstəmazı pozulmayanın aldığı dəstəmazdır”. (ət-Tabəri (11326). Hədis müxtəsərdir. Hədisi Əhməd bir neçə yerdə həm müxtəsər, həm də geniş formada rəvayət etmişdir. Bəzi rəvayətlərində Peyğəmbərin ﷺ ayaq üstə su içməsi də qeyd olunur. “əl-Musnəd” (583, 970, 1005, 1173, 1222, 1315, 1366). Hədisi əl-Buxari də rəvayət etmişdir (10/71-72 Fəthul-Bari). (Əhməd Şakir). ət-Tabəri, 11327, 11393; Əhməd, 1005. Hədis səhihdir. Bax: Muxtəsər əş-Şəmail, 179). İbn Cərir İbrahimin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əli böyük bir su qabından su götürüb yüngül dəstəmaz aldı və dedi: “Bu, dəstəmazı pozulmamış insanın aldığı dəstəmazdır”. (ət-Tabəri (11327). (Əhməd Şakir). ət-Tabəri, 11394). Əlidən (Allah ondan razı olsun) nəql edilən bu rəvayətlərin isnadları yaxşıdır və bir-birini möhkəmləndirir.
İbn Cərir Ənəsin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Ömər dəstəmaz aldı və bunu bir az tələsik etdi. Sonra dedi: “Dəstəmazı pozulmayanın aldığı dəstəmaz belədir”. Hədisin isnadı səhihdir. (ət-Tabəri (11325). (Əhməd Şakir). ət-Tabəri, 11392).
İmam Əhməd Amr ibn Amir əl-Ənsarinin belə dediyini rəvayət etmişdir: “Mən Ənəs ibn Malikin belə dediyini eşitmişəm: “Peyğəmbər ﷺ hər namazdan əvvəl dəstəmaz alardı”. Amr ibn Amir dedi: “Mən soruşdum: “Bəs siz necə edirdiniz?” Ənəs ibn Malik dedi: “Biz dəstəmazımız pozulmadıqca namazları bir dəstəmazla qılardıq”. Bu hədisi əl-Buxari və “Sunən” əsərlərinin müəllifləri rəvayət etmişlər. (əl-Buxari (1/272-273 Fəthul-Bari); ət-Tabəri (11336). (Əhməd Şakir). Əhməd, 12346, 12368; əl-Buxari, 207, 214).
Əbu Davud Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ subaşına çıxmışdı, sonra qayıtdı və ona yemək təklif olundu. Səhabələr: “Ey Allahın Elçisi, dəstəmaz almaq üçün sənə su gətirəkmi?”– deyə soruşduqda, Peyğəmbər ﷺ dedi: “Mənə yalnız namaza qalxdıqda dəstəmaz almaq əmr olunmuşdur”. Hədisi ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Bu, həsən hədisdir”. (Əbu Davud, 3760, 3762; ət-Tirmizi, 1847, 1965; ən-Nəsəi “Sunən” 132. Hədis səhihdir. Bax: Muxtəsər əş-Şəmail, 158).
Muslim Abdullah ibn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında idik. Peyğəmbər ﷺ subaşına çıxdı, sonra qayıtdı. Bu əsnada ona yemək gətirildi və ətrafdakılar: “Ey Allahın Elçisi, dəstəmaz almayacaqsanmı?”– deyə soruşduqda, Peyğəmbər ﷺ dedi: “Məgər mən namaz qılmaq istəyirəm ki, dəstəmaz alım?!” (Muslim, 374, 560, 854).
Uca Allah buyurur: “...üzünüzü... yuyun”. Bir çox alimlər Uca Allahın “Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun” ayəsinə əsaslanaraq dəstəmazda niyyətin vacib olduğunu demişlər. Çünki ayənin mənası belədir: “Namaza qalxdığınız zaman namaz üçün üzünüzü yuyun”. Necə ki ərəblər: “Əmiri gördüyün zaman ayağa qalx”– deyirlər. Yəni onun üçün ayağa qalx. əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır”. (Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət olunan məşhur hədisdir. (Əhməd Şakir). əl-Buxari, 1).
Üzü yumamışdan əvvəl dəstəmaza başlayarkən Allahın adını çəkmək (“Bismilləh” demək) müstəhəbdir. Bir çox səhabədən yaxşı isnadlarla rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Dəstəmaz alarkən Allahın adını çəkməyənin (“Bismilləh” deməyənin) dəstəmazı yoxdur (naqisdir)”. (Hədisi Əhməd, Əbu Davud və İbn Məcə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). Əbu Davud, 102; ət-Tirmizi, 25; İbn Məcə, 397. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 204; İrvaul-Ğalil, 81). Həmçinin qabdan dəstəmaz almaq istəyənin əllərini qaba salmamışdan əvvəl üç dəfə kənarda yuması da müstəhəbdir. Yuxudan oyandıqda isə bunu etmək vacibdir, çünki əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Biriniz yuxudan oyandığı zaman əlini üç dəfə kənarda yumayınca su qabının içinə salmasın. Çünki o, əlinin gecə haralara dəydiyini bilmir”. (əl-Buxari, 162. Muslim, 278, 416, 665).
Fiqh alimlərinə görə, üzün həddi – uzununa başın saç bitən yerindən saqqalın və ya çənənin sonuna qədər, eninə isə bir qulaqdan o biri qulağa qədərdir. Başın tükünün tökülməsi və ya alında tük bitməsi bu həddi dəyişmir.
Saqqalı sıx olan adamın dəstəmaz alarkən saqqalının arasına su keçirməsi müstəhəbdir. İmam Əhməd Şəqiqin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Osmanı dəstəmaz alarkən gördüm”. Şəqiq Osmanın dəstəmaz almağını vəsf edən hədisi danışdıqdan sonra belə dedi: “Osman üzünü yuduqda üç dəfə saqqalının arasına su keçirdi, sonra dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini gördüm”. Hədisi ət-Tirmizi və İbn Məcə də rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. əl-Buxari də hədisin həsən olduğunu demişdir. (əl-Hakim, 527. Bu mənada səhih hədislər çoxdur).
“Səhih” əsərlərində və digər mənbələrdə Peyğəmbərdən ﷺ müxtəlif yollarla rəvayət olunur ki, o, dəstəmaz alarkən ağzına və burnuna su alardı. Lakin alimlər dəstəmaz və ya qüsl alarkən ağıza və buruna su almağın vacib olub-olmaması məsələsində ixtilaf etmişlər. İmam Əhməd ibn Hənbəlin məzhəbinə görə, həm dəstəmazda, həm də qüsldə ağıza və buruna su almaq vacibdir. İmam əş-Şafii və Malikin məzhəblərinə görə isə bu, müstəhəbdir. Belə deməkdə onlar “Sunən” əsərlərinin müəlliflərinin Rifəa ibn Rəfidən (Allah ondan razı olsun) rəvayət etdikləri bir hədisə əsaslanmışlar. Hədisdə bildirilir ki, Peyğəmbər ﷺ namazını lazımi qaydada qıla bilməyən şəxsə: “Allahın sənə əmr etdiyi kimi dəstəmaz al! ...” demişdir. (Əbu Davud, 859, 861; ət-Tirmizi, 302; İbn Məcə, 460. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2420). Bəzi alimlər isə ağıza və buruna su almağın qüsldə vacib olduğunu, dəstəmazda isə vacib olmadığını demişlər. Bu, Əbu Hənifənin məzhəbidir. İmam Əhməddən rəvayət edilən başqa bir rəyə görə, buruna su almaq vacib, ağıza su almaq isə vacib deyil. İmam Əhməd bu rəyində əl-Buxari və Muslimin “Səhih” əsərlərində yer alan bir hədisə əsaslanmışdır. Hədisdə bildirilir ki, Peyğəmbər ﷺ demişdir: “Kim dəstəmaz alarsa, qoy burnuna su alsın!” (əl-Buxaridə qeyd edilən hədis Əbu Hureyradan (Allah ondan razı olsun) bu şəkildə rəvayət edilir: “Kim dəstəmaz alarsa, qoy burnunun dərinliklərinə su alıb yusun!” Bax: əl-Buxari (1/229 Fəthul-Bari); Muslim (1/83-84); Əhməd (7220). (Əhməd Şakir). əl-Buxari, 156, 161; Muslim, 350, 585). Başqa bir rəvayətdə: “Sizdən biri dəstəmaz aldığı zaman burnunun dəliklərinə su çəksin, sonra onu çıxarsın”. (əl-Buxari (1/229 Fəthul-Bari); Muslim (1/83); Əhməd (7732). (Əhməd Şakir). Muslim, 184, 349).
İmam Əhməd Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə o, dəstəmaz alıb üzünü bu qaydada yudu; əvvəlcə bir ovuc su götürüb ağzını yaxaladı və burnuna dərin su alıb (onun içini) yudu; sonra əllərini birləşdirib ovuclarına su aldı və üzünü yudu; sonra bir ovuc su götürüb sağ qolunu yudu; sonra bir ovuc su götürüb sol qolunu yudu; sonra (yaş əlləri ilə) başına məsh çəkdi; sonra bir ovuc su götürüb sağ ayağına töküb onu yudu; sonra yenə bir ovuc su götürüb sol ayağını yudu və sonra dedi: “Mən Peyğəmbərin ﷺ belə dəstəmaz aldığını gördüm”. Hədisi əl-Buxari də rəvayət etmişdir. (əl-Buxari (1/211-212 Fəthul-Bari); Əhməd (2416). (Əhməd Şakir). əl-Buxari, 137, 140).
Uca Allah buyurur: “...dirsəklərə qədər əllərinizi yuyun”, yəni dirsəklər də daxil olmaqla, əllərinizi də yuyun. Necə ki Uca Allah bu ayədə işlənən إِلَى [ilə] önqoşmasını başqa bir ayədə də “birlikdə” mənasında işlətmişdir: “Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır” (“ən-Nisa”, 2). Dəstəmaz alanın biləklərindən başlayaraq dirsəklərilə birlikdə bütün qolunu yuması müstəhəbdir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər ﷺ demişdir: “Ümmətim Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu olduğu halda gələcəklər”. (Əbu Hureyra dedi:) “Aranızdan kim üzünün parlaqlığını artıra bilirsə, qoy artırsın!” (əl-Buxari, 133, 136). Muslimin “Səhih” əsərində Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Sevimli dostum Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Möminin zinəti (Burada zinət deyildikdə, Qiyamət günü mömin kişi və qadınların taxacaqları qızıl, gümüş və mirvari bilərziklər, geyəcəkləri ipək libaslar nəzərdə tutulur. Uca Allah buyurur: “Onlar Cənnətdə qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır” (“Fatir”, 33). Onlar bu zinətlərlə bəzəndikdən sonra daha gözəl görünəcəklər (İbn əl-Useymin “Şərh Riyad əs-Salihin”, 1/1177). dəstəmaz suyunun dəydiyi yerlərə çatacaq”. (Muslim, 250, 368, 609).
Uca Allah buyurur: “...başınıza məsh çəkin”. əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilir ki, bir kişi Peyğəmbərin ﷺ səhabələrindən olan Abdullah ibn Zeyddən soruşdu: “Peyğəmbərin ﷺ necə dəstəmaz aldığını mənə göstərə bilərsənmi?” Abdullah ibn Zeyd “Bəli”– deyib su gətizdirdi. Sonra əllərinə su töküb, onu iki dəfə yudu; sonra üç dəfə (su götürüb) həm ağzını yaxaladı, həm də burnunun içini yudu; sonra üç dəfə üzünü yudu. Sonra iki dəfə qollarını dirsəklərə qədər yudu; sonra iki əlini öndən arxaya, arxadan da önə aparmaqla başına məsh çəkdi – əllərini başının ön tərəfindən başının arxasına qədər apardı, sonra da başladığı yerə qaytardı; bundan sonra ayaqlarını yudu”. (əl-Buxari, 179, 185). Abdu Xayrın rəvayət etdiyi hədisdə Əli (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ dəstəmaz almasını məhz bu cür izah etmişdir. Həmçinin Əbu Davud Muaviyə və Miqdam ibn Mədikəribdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ dəstəmazının belə olduğunu rəvayət etmişdir. Bu hədislər başa tam olaraq məsh çəkilməsinin vacib olduğunu deyən alimlərin rəylərinə dəlildir. İmam Malik və Əhməd İbn Hənbəl də bu rəydədirlər. Xüsusən də hədislərin Quranda ümumi olaraq qeyd edilən hökmləri açıqladığını deyən alimlərə görə, bu, belədir.
Hənəfilər isə başın dörddə birinə, yəni başın ön tərəfinə bərabər hissəyə məsh çəkməyin vacib olduğunu demişlər. Bizim məzhəbin (Şafii məzhəbinin) mənsublarına görə isə o hissəyə məsh çəkmək vacibdir ki, həmin hissə məsh adlandırıla bilsin. Bu hissə başın hər hansı hissəsi ola bilər. Hətta saçının bir hissəsinə məsh çəksə belə, bu, kifayətdir. Bu iki məzhəbin mənsubları (Hənəfi və Şafii) Muğira ibn Şöbənin (Allah ondan razı olsun) hədisinə əsaslanmışlar. Muğira ibn Şöbə demişdir: “Səfərlərin birində Peyğəmbər ﷺ camaatdan geri qaldı. Mən də onunla birgə geri qaldım. O, təbii ehtiyacını ödədikdən sonra məndən: “Yanında su varmı?”– deyə soruşdu, mən də ona bir cürdək su gətirdim. O, əllərini və üzünü yudu. Sonra cübbəsinin (Cübbə – keçmişdə üstdən geyilən uzun ətəkli, enli, düyməsiz geyimdir). qollarını çırmalamağa çalışdı, lakin onun qolları dar gəldi. Odur ki, əllərini cübbənin aşağısından çıxartdı və cübbəni çiyninə saldı. Sonra qollarını yudu, başının ön tərəfinə və əmmamənin üzərinə məsh çəkdi, habelə məstlərin üzərinə də məsh çəkdi”. Sonra Muğira hədisin davamını zikr etdi”. (Hədisin davamı belədir: “Sonra o, (dəvəsinə) mindi, mən də (öz heyvanıma) mindim. Biz gəlib camaata yetişdikdə, artıq onlar namaza durmuşdular. Namazı onlara Abdur-Rahmən ibn Auf qıldırırdı. Artıq bir rükət qıldırmışdı. O, Peyğəmbərin ﷺ gəldiyini hiss etdikdə (Peyğəmbər ﷺ önə keçsin deyə), arxaya çəkilməyə başladı. Peyğəmbər ﷺ əli ilə onun yerində qalması üçün işarə etdi. Beləliklə, namazı camaata (Abdur-Rahmən ibn Auf) qıldırdı. O, salam verdikdə Peyğəmbər ﷺ (salam vermədən) ayağa qalxdı, mən də onunla bərabər ayağa qalxdım və buraxdığımız rükəti qıldıq”. Muslim, 410, 633, 656; Əhməd, 18159, 18182, 18207, 18314). Hədis Muslimin “Səhih” əsərində və digər mənbələrdə yer almışdır. Lakin İmam Əhməd və yoldaşları buna belə cavab vermişlər: “Peyğəmbər ﷺ burada yalnız başının ön tərəfinə məsh çəkməklə kifayətlənmişdir, çünki o, başının qalan hissəsinə əmmamənin üzərindən məsh çəkmişdir. Bizim də dediyimiz məhz budur. Əmmamənin üzərinə məsh çəkmək, başa məsh çəkməyi əvəz edir. Bir çox hədislərdə varid olmuşdur ki, Peyğəmbər ﷺ əmmaməsinə və xuflarına məsh çəkərdi. Əmmaməyə məsh çəkmək onu çıxarmaqdan (çıxarıb başa məsh çəkməkdən) daha əfzəldir. Əmmamənin üzərinə məsh çəkmədən yalnız başın ön hissəsinə və ya bir hissəsinə məsh çəkməyin icazəli olması barədə sizin heç bir dəliliniz yoxdur”. Ən doğrusunu isə Allah bilir.
Həmçinin alimlər, başa üç dəfə təkrar məsh çəkməyin müstəhəb olub-olmaması məsələsində də ixtilaf etmişlər. Şafii məzhəbinin məşhur rəyi də belədir. Əhməd ibn Hənbəl və onun davamçılarının rəyinə görə isə başa yalnız bir dəfə məsh çəkmək müstəhəbdir. Rəvayət olunur ki, Humran ibn Əbən demişdir: “Mən Osman ibn Əffanın bu şəkildə dəstəmaz aldığını gördüm: “O, əllərinə üç dəfə su töküb onları yudu. Sonra ağzını yaxaladı və burnunun içini yudu, sonra üç dəfə üzünü, sonra üç dəfə sağ, üç dəfə də sol qolunu dirsəklərə qədər yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə sağ, üç dəfə də sol ayağını (topuqlara qədər) yudu, sonra da dedi: “Mən Peyğəmbərin ﷺ bu şəkildə dəstəmaz aldığını görmüşəm. Sonra Peyğəmbər ﷺ demişdir: “Hər kim mənim kimi dəstəmaz alar, sonra da iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar”. Oxşar hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. Əbu Davudun “Sunən” əsərində rəvayət olunan hədisdə Osmanın (Allah ondan razı olsun) dəstəmaz alması vəsf olunaraq “Başına bir dəfə məsh çəkdi” deyilir. Həmçinin Abduxeyrin Əlidən rəvayət etdiyi hədisdə də eynilə belə deyilir. (Əhməd, 418; Əbu Davud, 106. Hədis həsən səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 94).
Başa məsh çəkməyin təkrarlanmasının müstəhəb olduğunu deyən alimlər Muslimin “Səhih” əsərində Osmandan (Allah ondan razı olsun) rəvayət edilən bu hədisin ümumi mənasına əsaslanmışlar. Hədisdə Peyğəmbərin ﷺ (hər bir əzasını) üç dəfə (yuyaraq) dəstəmaz aldığı bildirilir. (Muslim, 337, 545, 567).
Əbu Davud Humranın belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Osmanı dəstəmaz alarkən gördüm...”. Sonra Humran yuxarıdakı hədisə oxşar hədisi rəvayət etmişdir. Lakin ağzını yaxalamağı və burnuna su alıb təmizləməyi qeyd etməmişdir. Sonra belə demişdir: “Sonra başına üç dəfə məsh çəkdi, sonra ayaqlarını üç dəfə yudu. Sonra belə dedi: “Mən Peyğəmbərin ﷺ belə dəstəmaz aldığını gördüm”. Sonra Peyğəmbər ﷺ dedi: “Kim belə dəstəmaz alarsa, bu, ona yetər”. Hədisi bu şəkildə yalnız Əbu Davud rəvayət etmiş, sonra demişdir: “Osmandan rəvayət olunan səhih hədislər onun başına bir dəfə məsh çəkməsinə dəlildir”. (Əbu Davud, 107. Hədis həsən səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 95).
Uca Allah buyurur: “...topuqlara qədər ayaqlarınızı yuyun”. Bu cümlədəki وَأرْجُلَكُمْ [və ərculəkum] “ayaqlarınızı” sözü iki halda – təsirlik və yiyəlik hallarında oxunmuşdur. Təsirlik halında oxunuşa əsasən “ayaqlar” sözü əvvəl qeyd olunmuş yuyulan əzalara (üz və əllərə) aid olur. İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas bu sözü təsirlik halda وَأرْجُلَكُمْ [və ərculəkum] “ayaqlarınızı” kimi oxumuş və demişdir: “Bu ayədə ayaqlar yuyulan əzalara aiddir”. Abdullah ibn Məsud, Urvə, Əta, İkrimə, Mucahid, İbrahim, əd-Dahhək, əs-Suddi, Muqatil ibn Həyyan, əz-Zuhri və İbrahim ət-Teymidən də oxşar rəvayət nəql edilmişdir. Bir çox sələf alimlərinin dediyi kimi, bu qiraətə görə, ayaqların yuyulması vacibdir.
Bəzi alimlər bu qiraətə əsasən, dəstəmazda ardıcıllığın (əvvəl üzü, sonra əlləri yumaq, sonra başa məsh çəkmək, sonra isə ayaqları yumaq) vacib olduğunu demişlər. Bu, əksər alimlərin rəyidir. (Çünki Uca Allah bu ayədə dəstəmazın vaciblərini ardıcıl şəkildə qeyd edərək, yuyulması vacib olan üz və əllərdən sonra, ayaqlardan isə əvvəl başa məsh çəkməyi qeyd etmişdir. Ərəb dilinin qrammatikasında cümlənin həmcins üzvləri mütləq müəyyən fayda üçün bir-birindən ayrılır. Burada olan fayda isə dəstəmazda ardıcıllığın vacibliyini göstərməkdir. Ayənin bu şəkildə gətirilməsi ardıcıllığın vacib olmasına dəlalət edir). Əbu Hənifə bu məsələdə əksər alimlərə müxalif çıxaraq, dəstəmazda ardıcıllığın şərt olmadığını demişdir. Əbu Hənifəyə görə, əgər dəstəmaz alan əvvəl ayaqlarını yuyub, sonra başına məsh çəksə, sonra əllərini, daha sonra isə üzünü yusa, onun dəstəmazı doğrudur. Çünki ayə qeyd olunan bədən üzvlərini yumağı əmr etmişdir və ayədə dəstəmaz əzalarını bir-birinə bağlayan وَ [və] bağlayıcısı ardıcıllıq ifadə etmir. Əksər alimlər isə buna bir neçə cavab vermişlər:
• Bəzi alimlər demişlər: “Ayə namaza qalxarkən əvvəl üzün yuyulmasının vacib olduğunu göstərir, çünki burada işlənən فَـ [fə] bağlayıcısı məna baxımından ardıcıllıq ifadə edir. Alimlərdən heç biri əvvəl üzün yuyulmasının vacib olub, digər əzalarda isə ardıcıllığın vacib olmadığını deməmişdir. Bu məsələdə alimlər arasında iki rəy möcuddur:
1. Ayədə qeyd olunan ardıcıllıq vacibdir.
2. Ümumiyyətlə, ardıcıllıq vacib deyil.
Ayə, dəstəmazda əvvəlcə üzün yuyulmasının vacib olduğunu bildirmişdir. Deməli, alimlərin yekdil rəyinə əsasən, üzdən sonrakı əzalarda da ardıcıllıq vacibdir”.
• Bəzi alimlər isə demişlər: “Məna baxımından وَ [və] bağlayıcısının ardıcıllığı bildirməməsini qəbul etmirik. Bəzi dilçilərin və fiqh alimlərinin dediyi kimi, وَ [və] bağlayıcısı ardıcıllıq ifadə edə bilir. Hətta وَ [və] bağlayıcısının dil baxımından ardıcıllıq ifadə etmədiyini fərz etsək belə, şəriət baxımından bu bağlayıcı ardıcıllıq tələb olunan yerlərdə ardıcıllığı ifadə edir. Buna dəlil isə bu hədisdir: “Peyğəmbər ﷺ Evi (Kəbəni) təvaf etdikdən sonra Səfa qapısından çıxdı və Uca Allahın “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (“əl-Bəqərə”, 158) ayəsini oxudu. Sonra dedi: “Allahın başladığı yerdən mən də başlayıram”. (Muslim, 2137, 3009). Bu, Muslimin rəvayətidir. ən-Nəsəinin rəvayəti isə belədir: “Allahın başladığı yerdən siz də başlayın!” (ən-Nəsəi “Sunənul-Kubra” 3954. Hədis zəifdir. Bax: Daif əl-Cami, 36). Hədisin isnadı səhihdir. Bu, bir əmr cümləsidir və Allahın başladığı yerdən başlamağın vacib olduğunu bildirir. وَ [və] bağlayıcısının şəriət baxımından ardıcıllığa dəlalət etməsi dedikdə, bu nəzərdə tutulur”. Ən doğrusunu isə Allah bilir. (Cabirdən (Allah ondan razı olsun) rəvayət olunan Peyğəmbərin ﷺ həccini vəsf edən uzun hədisin bir hissəsidir. Hədisi Muslim rəvayət etmişdir (1/346-347). (Əhməd Şakir).
• Bəzi alimlər isə belə cavab vermişlər: “Uca Allah bu ayədə dəstəmaz əzalarını bu ardıcıllıqla qeyd edərkən həmcins üzvləri bir-birindən ayırmışdır və məsh çəkilən əzanı (başı) yuyulan əzaların (əllər və ayağın) arasına salmışdır. Bu isə Uca Allahın dəstəmazda ardıcıllığı vacib etməsini bildirir”.
• Bəzi alimlər isə cavab olaraq demişlər: “Əbu Davudun “Sunən” əsərində və digər mənbələrdə Amr ibn Şueybin babasından (Abdullah ibn Amr ibn əl-Asdan ) rəvayət edilir ki, bir dəfə Peyğəmbər ﷺ dəstəmaz əzalarını bir dəfə yumaqla dəstəmaz aldı, sonra: “Dəstəmaz budur. Uca Allah dəstəmazsız namazı qəbul etməz”– dedi. (İbn Məcə, 419. Hədis olduqca zəifdir. Bax: İrvaul-Ğalil, 85; Silsilə əd-Daifə, 4735). Dəstəmazda ardıcıllığı vacib görən alimlər demişlər: “Peyğəmbər ﷺ dəstəmaz alarkən ardıcıllığa riayət etmişsə, bu halda dəstəmazda ardıcıllıq vacibdir. Yox, əgər riayət etməmişsə, bu halda ardıcıllığa riayət etməmək vacib olur. Bunu isə alimlərdən heç kim demir. Beləliklə, dəstəmazda ardıcıllığın vacib olması yəqinləşir”.
Digər bir qiraətə görə isə bu söz yiyəlik halda وَأرْجُلِكُمْ [və ərculikum] kimi oxunmuşdur. Şiə təriqətinin mənsubları bu qiraətə əsaslanaraq ayaqlara məsh çəkməyin vacib olduğunu demişlər. Çünki onlara görə, “ayaqlar” sözü yuyulan əzalara deyil, “başınıza məsh çəkin” əmrinə aiddir. Bəzi sələflərdən ayaqlara məsh çəkməyi dəstəkləyən rəvayətlər gəlmişdir. Necə ki İbn Cərir Humeyddən rəvayət etmişdir ki, bir dəfə Musa ibn Ənəs bizim yanımızda Ənəs ibn Malikə dedi: “Ey Əbu Həmzə, biz Əhvazda ikən əl-Həccac bizə xütbə oxudu. Xütbəsində dəstəmazdan danışdı və dedi: “Ey insanlar, dəstəmaz alarkən üzünüzü və əllərinizi yuyun. Başınıza məsh çəkin və ayaqlarınızı yuyun! Çünki Adəm oğlunun ayağından daha çirkli əzası yoxdur. Odur ki, dəstəmaz alarkən ayaqlarınızın altını, üstünü və barmaqarasını yuyun!” Ənəs ibn Malik dedi: “Allah doğru söyləyir, əl-Həccac isə yalan danışır. Uca Allah buyurur: “başınıza və topuqlara qədər ayaqlarınıza məsh çəkin”. Humeyd demişdir: “Ənəs ibn Malik ayaqlarına məsh çəkdikdə, onları tam isladardı”. Bu rəvayətin isnadı səhihdir. (ət-Tabəri, 11475, 11539). İbn Cərir Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Quran məsh çəkməyi, sünnə (hədislər) isə yumağı buyurmuşdur”. Bu rəvayətin də isnadı səhihdir. (ət-Tabəri (11475, 11476). (Əhməd Şakir). ət-Tabəri, 11540). İbn Cərir İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Dəstəmaz iki əzanı (üzü və əlləri) yumaqdan və iki əzaya (baş və ayaq) məsh çəkməkdən ibarətdir”. (əl-Beyhəqi “Sunənul-Kubra” 339, 342-344; ət-Tabəri, 11474, 11538).
İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Ey iman gətirənlər! Namaza qalxdığınız zaman...” ayəsi barədə belə demişdir: “Burada ayağa məsh çəkmək nəzərdə tutulur”. Sonra İbn Əbu Hatim demişdir: “İbn Ömər, Əlqamə və başqalarından da oxşar təfsir rəvayət edilmişdir”.
Bu rəvayətlər olduqca qəribədir və bu rəvayətlərdə “məsh” dedikdə, yüngül yumaq nəzərdə tutulur. İrəlidə dəstəmaz alarkən ayaqları yumağın vacib olduğuna dəlalət edən hədisləri qeyd edəcəyik. Ayənin ikinci وَأرْجُلِكُمْ [və ərculikum] qiraəti ilə oxunması isə “mucəvəra” (“Mucəvəra” sözünün hərfi mənası “qonşuluq”, “yaxınlıq” deməkdir. Ərəb dilçiliyində isə “uyğunlaşma” مُجَاوَرَةٌ [mucə:vəra] – dilə rahat olsun deyə, cümlənin tərkibində müxtəlif halda olan iki yanaşı sözdən ikincisinin halını dəyişərək əvvəlki sözün halına uyğunlaşdırmaqdır. Məsələn, biri yiyəlik, digəri isə təsirlik halda olan iki söz yanaşı gələrsə, dilə rahat olsun deyə təsirlik halında olan ikinci sözü, əvvəl gələn yiyəlik halında olan sözə uyğunlaşdıraraq yiyəlik hala salırlar, yaxud da əksinə). (uyğunlaşma) qəbilindəndir. Ərəblərin işlətdiyi جُحْرُ ضَبٍّ خَرِبٍ [cuhru dabbin xaribin] “boş kərtənkələ yuvası” ifadəsi də buna bənzəyir. (Verilmiş cümlə əslində: جُحْرُ ضَبٍّ خرِبٌ [cuhru dabbin xaribun] şəklində olmalı idi. Lakin خَرِبٍ [xaribin] “boş” sifəti جُحْرُ [cuhru] “yuva” sözünə aid olmasına baxmayaraq, onunla uzlaşmayıb, “mucəvəra” üslubuna əsasən ضَبٍّ [dabbin] sözü ilə yanaşı gəldiyi üçün onunla uzlaşmışdır). Həmçinin Uca Allahın bu ayəsi kimi: “Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər” (“əl-İnsan, 21). (Nafi və Hafs bu ayəni عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ [a:liyəhum siyə:bu sundusin xudrun və istəbraqun] kimi oxumuşlar. əl-Aməş, İbn Vəssəb, Həmzə və əl-Kisəi isə “mucəvəra” üslubuna görə, ayəni عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٍ وَإِسْتَبْرَقٍ [a:liyəhum siyə:bu sundusin xudrin və istəbraqin] kimi oxumuşlar). Bu üslub ərəblərdə çox məşhur, bəyənilən və geniş istifadə edilən bir danışıq tərzidir.
Bəzi alimlər isə demişlər: “Bu qiraətə görə, ayədə ayaqlara xuf geyinildiyi halda, məsh çəkmək əmr edilir”. Necə ki əş-Şafii belə demişdir.
Bəzi alimlər isə demişlər: “Ayədə ayaqlara məsh çəkmək əmr olunur, lakin məsh deyildikdə, hədislərdə bildirildiyi kimi, ayaqları yüngül yumaq nəzərdə tutulur”. Hər bir halda dəstəmaz alarkən ayaqları yumaq vacibdir və bunun zəruri olması əvvəlki ayədən və qeyd edəcəyimiz hədislərdən aydın olur.
“Məsh” sözünün yüngül yumaq mənasında işlənməsinə dəlalət edən ən yaxşı sübutlardan biri əl-Hafiz əl-Beyhəqinin ən-Nəzzəl ibn Səbradan rəvayət etdiyi bu hədisdir. Hədisdə deyilir: “Əli Zöhr namazını qıldı, sonra insanların ehtiyaclarını dinləmək üçün Kufə meydanında oturdu. Nəhayət, Əsr namazının vaxtı çatdı. Ona bir tuluq su gətirdilər. Əli tuluqdan bir ovuc su götürdü. Onunla üzünə, əllərinə, başına və ayaqlarına məsh çəkdi (yüngül yudu). Sonra ayağa qalxıb tuluqda qalan suyu ayaq üstə içdi. Sonra belə dedi: “Həqiqətən, bəzi insanlar ayaq üstə su içməyi bəyənilməyən əməllərdən hesab edir. Halbuki, Peyğəmbər ﷺ mənim etdiyim kimi ayaq üstə su içmişdir”. Həmçinin dedi: “Bu, dəstəmazı pozulmayan adamın dəstəmazıdır”. əl-Buxari “Səhih” əsərində bu hədisin bir hissəsini mənaca rəvayət etmişdir. (əl-Beyhəqi “Sunənul-Kubra” 354, 357; əl-Buxari, 5185, 5616).
Xufa məsh çəkildiyi kimi, ayaqlara da məsh çəkməyi vacib görən bəzi şiə təriqətinin mənsubları həm özləri səhvə yol vermiş, həm də başqalarının səhvə yol vermələrinə səbəb olmuşlar. Ayaqlara həm məsh çəkilməsini, həm də yuyulmasını icazəli görənlər də səhv etmişlər. Əbu Cəfər İbn Cəririn hədislərə əsasən ayaqların yuyulmasını, ayəyə əsasən isə ayaqlara məsh çəkilməsini vacib gördüyünü nəql edənlərə gəlincə, onlar onun bu məsələdə rəyini yaxşı araşdırmamışlar. İbn Cəririn təfsir kitabında dediklərinə nəzər saldıqda aydın olur ki, o, dəstəmaz aldıqda yuyularkən digər əzalara deyil, yalnız ayaqlara əl sürtməyin vacib olduğunu nəzərdə tutmuşdur. Ayaqlar yerə, torpağa və s. birbaşa toxunan əza olduğu üçün İbn Cərir üzərində olan çirkləri aradan qaldırmaq üçün onları əl ilə ovxalamağı vacib görmüş, lakin “əl sürtmək” feilini “məsh çəkmək” feili ilə ifadə etmişdir. İbn Cəririn dediklərini yaxşı araşdırmayanlar isə elə başa düşmüşlər ki, o, həm ayaqları yumağın, həm də ayaqlara məsh çəkməyin vacib olduğunu demək istəyib və bu rəyi ondan nəql etmişlər. Bu səbəbdən bir çox alimlər onun bu rəyinə şübhə ilə yanaşmışlar, əslində isə ət-Tabəri (İbn Cərir) bunda üzrlü sayılır. İstər əvvəl olsun, istər sonra, məsh ilə yumağı cəm etmək mənasızdır, çünki hər ikisi (məsh və yumaq) yumağın içində var. Əslində ət-Tabəri əvvəl qeyd etdiyimi nəzərdə tutmuşdur. Ən doğrusunu isə Allah bilir. Həmçinin onun dediklərini bir daha nəzərdən keçirdim və gördüm ki, o, hər iki qiraəti cəm etməyə çalışmışdır. Belə ki, birinci qiraəti yumağa, ikinci qiraəti isə əl sürtməyə aid edərək hər iki əməli (yumağı və əl sürtməyi) vacib görmüşdür və bununla da iki qiraəti cəm etməyə çalışmışdır.
Dəstəmazda ayaqları yumağın vacibliyinə dəlalət edən hədislər
Əvvəl qeyd etdiyimiz kimi, möminlərin əmiri olmuş Osman və Əlidən, habelə İbn Abbas, Muaviyə, Abdullah ibn Zeyd ibn Asim və Miqdəddən (Allah onlardan razı olsun) rəvayət edilən hədislərdə Peyğəmbərin ﷺ dəstəmaz alarkən ayaqlarını bir, iki və ya üç dəfə yuduğu rəvayət edilmişdir. Rəvayətlər arasında ixtilaf yalnız neçə dəfə yuyulmaqdadır.
Amr ibn Şueyb atasından, o da Şueybin babasından rəvayət etmişdir ki, Peyğəmbər ﷺ dəstəmaz alarkən ayaqlarını yudu və dedi: “Dəstəmaz budur. Allah dəstəmazsız namazı qəbul etməz”.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət edilir ki, səfərlərin birində Peyğəmbər ﷺ bizdən geri qaldı, sonra namazın vaxtının çıxmağına az qalmış gəlib bizə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə,) biz dəstəmaz alıb ayaqlarımıza məsh çəkməyə başladıq. Peyğəmbər ﷺ (bunu görcək) uca səslə iki və ya üç dəfə belə səsləndi: “Dəstəmazı tam şəkildə alın. Atəşə girən topuqların vay halına!” Bu hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) da rəvayət edilir. Muslimin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Dəstəmazı tam şəkildə alın. Atəşə girən topuqların vay halına!” (əl-Buxari, 160, 165; Muslim, 354, 357, 593, 597).
Rəvayət edilir ki, Abdullah ibn Həris (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Atəşə girən topuqların və ayaqların altının (Çünki ayaqların altı gözlə görünməyən hissədir və gözdən yayınıb su dəyməyə bilər). vay halına!” Hədisi əl-Beyhəqi və əl-Hakim rəvayət etmişlər. Hədisin isnadı səhihdir. (ət-Tirmizi, 41; İbn Xuzeymə, 163; əl-Beyhəqi “Sunənul-Kubra” 329, 331. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 220).
İmam Əhməd Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Atəşə girən ayaqların (arxa hissəsinin) vay halına!” (Əhməd, 14965, 15008, 15028. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7134). Həmçinin İmam Əhməd Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ bir kişinin ayağında dirhəm boyda yuyulmamış quru yer olduğunu gördü və dedi: “Atəşə girən topuqların vay halına!” (Əhməd, 15195, 15232, 15265. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir).
Bu hədislər dəstəmazda ayaqların yuyulmasına açıq-aydın dəlalət edir. Belə ki, əgər ayaqlara məsh çəkmək kifayət etsəydi və ya icazəli olsaydı, ayaqlarını yumayanlar barədə bu qədər təhdid varid olmazdı. Çünki məsh bütün ayağı əhatə etmir, yalnız xufun üzərinə məsh çəkərkən islanan ərazilərə su dəymiş olur. İmam Əbu Cəfər İbn Cərir ət-Tabəri şiələrə qarşı bu şəkildə dəlil gətirmişdir.
Muslim Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir kişi dəstəmaz alarkən ayağında dırnaq boyda yeri quru saxlamışdı. Peyğəmbər ﷺ bunu gördükdə ona: “Qayıt, dəstəmazını gözəl şəkildə yerinə yetir!”– dedi”. (Muslim, 359, 599).
əl-Beyhəqi Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir nəfər dəstəmaz alıb Peyğəmbərin ﷺ yanına gəldi. Lakin o, ayağında dırnaq boyda bir yeri yumamışdı. Peyğəmbər ﷺ bunu görüb dedi: “Qayıt, dəstəmazını gözəl şəkildə yerinə yetir!” Hədisi Əbu Davud və İbn Məcə də rəvayət etmişlər. Hədisin isnadı yaxşıdır, raviləri mötəbərdirlər. (Muslim, 359, 599; Əbu Davud, 173, 175; İbn Məcə, 665).
İmam Əhməd Xalid ibn Mədəndən, o da Peyğəmbərin ﷺ zövcələrinin birindən rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ bir nəfərin namaz qıldığını, lakin ayağının üstündə bir dirhəm boyda su dəyməmiş quru yer olduğunu gördü və ona yenidən dəstəmaz almağı əmr etdi. Hədisi Əbu Davud da rəvayət etmiş və əlavə olaraq: “Namazı da yenidən qılmağı əmr etdi”– demişdir. Hədisin isnadı qüvvətli və səhihdir. Ən doğrusunu isə Allah bilir. (Əbu Davud (175). (Əhməd Şakir). Əhməd, 15495, 15534, 15576; Əbu Davud, 173, 175. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 86).
“Sunən” əsərinin müəllifləri Ləqit ibn Sabranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, mənə dəstəmaz barədə bilmədiklərimi öyrət”. Peyğəmbər ﷺ dedi: “Dəstəmazını tam şəkildə al, ayaq barmaqlarının arasını yu və oruclu olmadığın halda, suyu burnunun dərinliklərinə çək!” (ət-Tirmizi, 788, 793; Əbu Davud, 142. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 405).
İmam Əhməd Əbu Umamədən Amr ibn Abəsənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, mənə dəstəmazı izah et”. Peyğəmbər ﷺ dedi: “Sizdən hansı biriniz dəstəmaz suyunu hazırlayar, sonra dəstəmaz alaraq ağzını yaxalayar, burnuna su çəkib onu yuyarsa, ağzından və burnundan çıxan su ilə birlikdə günahları da tökülər. Sonra Allahın ona əmr etdiyi kimi, üzünü yuyarsa, üzünün günahları saqqalının ətrafından axan sularla birlikdə tökülər. Sonra iki əlini dirsəkləri ilə birlikdə yuyarsa, iki əlinin etdiyi günahlar barmaqlarının uclarından axan su ilə tökülər. Sonra başına məsh çəkərsə, başının günahları saçından axan su ilə birlikdə axıb gedər. Sonra Allahın əmr etdiyi kimi, ayaqlarını topuqları ilə birlikdə yuyarsa, ayaqlarının günahları ayaq barmaqlarından axan su ilə birlikdə axıb gedər. Sonra qalxıb Allaha layiqli şəkildə həmd-səna edər, ardınca iki rükət namaz qılarsa, dünyaya gəldiyi gündə olduğu kimi, günahlardan təmizlənər”. Əbu Umamə dedi: “Mən dedim: “Ey Amr, nə dediyinə diqqət et! Sən, həqiqətən, bunu Peyğəmbərdən ﷺ eşitmisənmi? Bir insana bir yerdə bu qədər savab verilərmi?” Amr dedi: “Ey Əbu Umamə, mənim yaşım ötüb. Artıq sümüyüm zəifləyib və əcəlim yaxınlaşıb. Allahın və Onun Elçisinin ﷺ adından yalan danışmağa ehtiyacım yoxdur. Əgər mən bunu Peyğəmbərdən ﷺ bir, iki və ya üç dəfə eşitsəydim, danışmazdım. Halbuki, mən bunu Peyğəmbərdən ﷺ yeddi dəfə və ya bundan daha çox eşitmişəm”. Bu hədisin isnadı səhihdir. (Əhməd (17086). Bu, uzun hədisin bir hissəsidir. (Əhməd Şakir). Əhməd, 17019, 17060, 17144. Şueyb əl-Arnavut isnadının, Muslimin şərtlərinə görə, səhih olduğunu bildirmişdir). Hədis Muslimin “Səhih” əsərində başqa bir şəkildə rəvayət olunur. Bu rəvayətdə “Sonra ayaqlarını Allahın əmr etdiyi kimi yuyarsa...” (Muslim, 1374, 1967). ifadəsi keçir və bu rəvayət dəlalət edir ki, Quranda ayaqların yuyulması əmr olunmuşdur.
Buradan Abduxeyirin Əlidən (Allah ondan razı olsun) rəvayət etdiyi “Peyğəmbər ﷺ ayaqqabılar ayağında ikən ayaqlarına su çilədi və əli ilə suyu ayaqlarına yaydı” hədisində nəyin nəzərdə tutulduğu aydın olur. Bununla Əli , ayaqqabılar ayaqda ikən yüngül yumağı nəzərdə tutmuşdur. Ayaqqabılar ayaqda ikən ayaqları yumağa başlamaqda bir maneə yoxdur. Bunda həmçinin vəsvəsəyə düşərək dərinliyə varan və həddi aşanlara rədd cavabı var.
İbn Cəririn Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etdiyi və öz rəyinə zidd olan “Peyğəmbər ﷺ bir qövmün zibilxanasına gəlib, orada ayaq üstə subaşına çıxdı (bövl etdi). Sonra su gətirməyi əmr etdi və dəstəmaz alıb ayaqqabılarının üzərinə məsh çəkdi” hədisinə gəlincə, bu hədis səhihdir. İbn Cərir bu hədisə belə cavab vermişdir: “Bu hədisi etibarlı ravilər Huzeyfədən (Allah ondan razı olsun) bu şəkildə rəvayət etmişlər: “Peyğəmbər ﷺ ayaq üstə subaşına çıxdı, sonra dəstəmaz alıb xuflarının üzərinə məsh çəkdi”. (Muslim, 402, 647). Mən deyirəm: “Bu iki rəvayəti cəm edərək demək olar ki, ola bilsin, Peyğəmbərin ﷺ ayaqlarında xuf olub, onların üstündən də ayaqqabı geyinib. Necə ki İmam Əhməd ibn Hənbəl Əus ibn Əbu Əusdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Mən Peyğəmbərin ﷺ dəstəmaz alaraq ayaqqabılarının üzərinə məsh çəkdiyini, sonra isə namaza qalxdığını görmüşəm”. (Əhməd, 16158, 16203, 16258. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Əbu Davud isə Əus ibn Əbu Əusun belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ bir qövmün zibilxanasına gəlib, orada ayaq üstə subaşına çıxdığını, sonra dəstəmaz alıb ayaqqabısına və ayaqlarının üzərinə məsh çəkdiyini gördüm”. (Əbu Davud, 160. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 150). İbn Cərir də bunu rəvayət etmiş, sonra demişdir: “Ola bilsin, Peyğəmbər ﷺ dəstəmazı pozulmadığı üçün bu cür dəstəmaz almışdır. Çünki Allahın vacib buyurduqları ilə Peyğəmbərin ﷺ sünnəsinin bir-birinə əks olması və ziddiyyət təşkil etməsi mümkün deyil. Səhih hədislərdə Peyğəmbərin ﷺ dəstəmaz alarkən ayaqların su ilə tam yuyulmasını əmr etməsi rəvayət edilmişdir. Bu məşhur hədislər kimə çatmışsa, o insanın dəstəmazda ayaqları yumağın vacib olmasını inkar etməyə heç bir üzrü qalmır.
Hər iki qiraətə görə, Quran dəstəmazda ayaqları yumağı əmr etdiyi üçün bəzi sələflər bu ayənin (“əl-Maidə”, 6) xufun üzərinə məsh çəkməyi nəsx etdiyini (hökmünü ləğv etdiyini) zənn etmişlər. Bu rəy Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) nəql edilmişdir, lakin isnadı səhih deyil. Əlidən rəvayət olunan digər hədislər isə bunun əksinə dəlalət edir. Məsələ heç də onların iddia etdikləri kimi deyil, çünki səhih hədislərdə Peyğəmbərin ﷺ bu ayə nazil olduqdan sonra da xuflarının üzərinə məsh çəkdiyi rəvayət olunmuşdur. İmam Əhməd Cərir ibn Abdullah əl-Bəcəlinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən “əl-Maidə” surəsi nazil olduqdan sonra İslamı qəbul etmişəm və müsəlman olduqdan sonra Peyğəmbərin ﷺ xuflarının üzərinə məsh çəkdiyini görmüşəm”. Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd, 19221, 19241, 19434; ət-Tabərani “Mucəmul-Kəbir” 2440. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1/137. 99-cu hədis).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbrahimin belə dediyi rəvayət olunur: “Bir dəfə Cərir subaşına çıxdı, sonra dəstəmaz alıb xuflarının üzərinə məsh çəkdi. Ona: “Sən beləmi edirsən?”– deyildikdə, Cərir: “Bəli, çünki mən Peyğəmbərin ﷺ subaşına çıxdığını, sonra dəstəmaz alıb xuflarının üzərinə məsh çəkdiyini görmüşəm”– deyə cavab verdi. İbrahim demişdir: “Bu hədis onların çox xoşuna gəlirdi, çünki Cərir İslamı “əl-Maidə” surəsi nazil olduqdan sonra qəbul etmişdir (Cərir ibn Abdullah (Allah ondan razı olsun) İslamı “əl-Maidə” surəsinin altıncı ayəsi nazil olduqdan çox sonra qəbul etmişdir. Bu da məsh çəkməklə bağlı bütün mübahisələrə son qoyur).”. Hədisin mətni Muslimə aiddir. (Muslim, 401, 645).
Xufların üzərinə məsh çəkməyin şəriətdə icazəli olması çoxsaylı hədislərdə Peyğəmbərin ﷺ həm dedikləri, həm də etdikləri ilə öz təsdiqini tapmışdır. Bu xüsus “əl-Əhkəm əl-Kəbir” kitabında ətraflı izah edilmişdir. Bəziləri heç bir dəlil olmadan buna müxalif olmuşlar. Həmçinin əl-Buxari və Muslimin “Səhih” əsərlərində möminlərin əmiri Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ siğəni (müvəqqəti nikahı) qadağan etdiyi halda, onlar bunu halal saymışlar. Eləcə də bu ayə açıq şəkildə ayaqların yuyulmasının vacib olduğuna dəlalət edir. Peyğəmbərdən ﷺ çoxsaylı yollarla rəvayət olunan feili hədislər də bu ayənin mənasını təsdiqləyərək dəstəmazda ayaqların yuyulmasına dəlalət edir. Bütün bunlara baxmayaraq, onlar buna qarşı çıxmışlar. Halbuki, onların dedikləri barədə tutarlı bir dəlilləri yoxdur. Həmd Allaha məxsusdur.
Həmçinin onlar topuqlar mövzusunda da sələf alimlərinə müxalif olmuşlar. Onlara görə, topuq ayağın üzərində yerləşir və hər ayağın bir topuğu var. Əksər alimlərə görə isə topuqlar, pəncə sümükləri ilə baldır sümüklərinin birləşdiyi yerdə yanlara çıxan oynaqlardır. ər-Rabi İmam əş-Şafiinin belə dediyini nəql etmişdir: “Uca Allahın Quranda dəstəmaz ayəsində zikr etdiyi topuqların pəncə sümükləri ilə baldır sümüklərinin birləşdiyi yerdə yanlara çıxan oynaqlar olmasında alimlər arasında heç bir fikir ayrılığı yoxdur”. (əş-Şafii “əl-Umm” 1/27). Bu, əş-Şafiinin dedikləridir. Məzhəb imamlarına görə, hər ayaqda iki topuq var. (Ərəb dilində pəncə sümükləri ilə baldır sümüklərinin birləşdiyi yerdə yanlara çıxan iki oynağın hər biri ayrı-ayrılıqda topuq adlanır. Buna görə də ərəblər hər ayağın iki topuğu olduğunu deyirlər. Anatomiyada isə hər iki oynaq birlikdə topuq adlanır). İnsanlar arasında bilinən də məhz budur. Sünnə (hədislər) də buna dəlalət edir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Osmandan (Allah ondan razı olsun) rəvayət edilir ki, bir dəfə o, dəstəmaz aldı və əvvəl sağ ayağını iki topuğu ilə birlikdə, sonra isə sol ayağını eyni şəkildə yudu. (Muslim, 331, 560). əl-Buxari səhih isnadla muəlləq olaraq (sənədin əvvəlindən bir neçə ravini düşürməklə), İbn Xuzeymə “Səhih” əsərində və Əbu Davud “Sunən” əsərində Numan ibn Bəşirin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Bir dəfə Peyğəmbər ﷺ üzünü bizə tərəf çevirərək: “Səflərinizi düzəldin (üç dəfə), Allaha and olsun ki, ya səflərinizi düzəldəcəksiniz, ya da Allah sizin qəlblərinizi ayıracaq”– dedi. Numan dedi: “Bundan sonra mən namaza durarkən bir kişinin çiynini yanındakının çiyninə, baldırını da yanındakının baldırına, topuğunu da yanındakının topuğuna birləşdirdiyini gördüm”. Hədisin mətni İbn Xuzeyməyə aiddir. (İbn Xuzeymə, 124; əl-Buxari, 683, 725). Bir insanın topuğunu onunla eyni səfdə duran yoldaşının topuğuna birləşdirməsi yalnız ayağın pəncə oynağındakı çıxıntı sümüyün birləşdirilməsi ilə mümkün olur. Bu isə Əhli-Sünnə alimlərinin dediyi kimi, topuqların pəncə ilə baldırın birləşdiyi yerdə yanlara çıxan iki oynağın olmasına dəlalət edir.
Uca Allah buyurur: “Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün”. Bu mövzu barədə “ən-Nisa” surəsində keçən təyəmmüm ayəsinin (43-cü ayə) təfsirində ətraflı məlumat vermişik, burada artıq onları təkrarlamağa lüzum görmürük. Orada təyəmmüm ayəsinin nazilolma səbəbini də qeyd etmişik. (“ən-Nisa” surəsinin 43-cü ayəsinin təfsirinə bax). Lakin əl-Buxari Aişədən (Allah ondan razı olsun) bu ayəyə xas olan bir hədis rəvayət etmişdir. Aişə demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ səfərdən qayıdarkən Mədinəyə çatmağa az qalmış, Beyda adlanan yerə çatdıqda boyunbağım qırılıb yerə düşdü. Peyğəmbər ﷺ miniyini dayandırıb yerə endi, (boyunbağını axtarıb yorulduğu üçün) başını mənim qucağıma qoyub yatdı. Əbu Bəkr gəlib böyrümdən vura-vura məni bir az da tənbeh etdi və dedi: “Bir boyunbağıdan ötrü camaatı saxlamısan?!” Əbu Bəkrin zərbələri məni ağrıtmışdı, lakin Peyğəmbərin ﷺ başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Peyğəmbər ﷺ ayıldıqda Sübh namazının vaxtı çatmışdı, lakin Peyğəmbərin ﷺ dəstəmaz alıb namaz qılması üçün su tapılmadı. Elə bu səbəbdən Uca Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O, sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”. Useyd ibn Xudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Allah sizin ailənizi insanlar üçün bərəkət etmişdir. Siz, insanlar üçün bir bərəkətsiniz”. (əl-Buxari (8/205 Fəthul-Bari). əl-Buxari, 4242, 4608).
Uca Allah buyurur: “Allah sizi çətinliyə salmaq istəməz”, yəni bu səbəbdən Uca Allah sizin üçün hər şeyi asanlaşdırmışdır, çətinləşdirməmişdir. Xəstə olduqda və ya su tapa bilmədikdə, sizə rahat olsun deyə, təyəmmüm almağa icazə vermişdir və təyəmmüm almağa haqqı çatan kəslər üçün təyəmmümü suyu əvəz edən vasitə etmişdir. Yalnız bəzi hallarda təyəmmüm suyu əvəz etmir. Bu mövzu ətraflı olaraq “əl-Əhkəm əl-Kəbir” adlı əsərdə izah edilir.
Sonra Uca Allah buyurur: “...fəqət O, sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”, yəni Allahın sizə verdiyi genişlik, şəfqət, mərhəmət, asanlıq və rahatlıq nemətlərinə görə şükür edəsiniz. Bu səbəbdən hədislərdə dəstəmaz alan şəxsin dəstəmazdan dərhal sonra dua etməsinə təşviq edilir. Dəstəmazdan sonra edilən duada dəsətəmaz alan şəxs Uca Allahdan onu bu ayəyə əməl edən və təmizlənən insanlardan etməsini diləyir. İmam Əhməd, Muslim və “Sunən” əsərlərinin müəllifləri Uqbə ibn Amirin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Dəvələri otarmaq bizə (Yəni səhabələrdən bəzilərinə). həvalə edilmişdi. Nəhayət, mənim növbəm gəlib çatdı və mən vəzifəmi yerinə yetirdikdən sonra axşamüstü dəvələri sürüb tövləyə apardım. Sonra Peyğəmbərin ﷺ yanına getdim və onun ayaq üstə durub insanlarla söhbət etdiyini gördüm. Söylədiklərindən eşitdiyim isə bu oldu: “Hansı bir müsəlman dəstəmaz alar və onu gözəl şəkildə yerinə yetirər, sonra da qalxıb qəlbən və cismən namaza yönələrək iki rükət namaz qılarsa, Cənnət mütləq ona vacib olar”. Uqbə dedi: “Mən öz-özümə: “Bu nə gözəl sözlərdir!”– dedim. Birdən qarşımda oturan adam mənə: “Bundan əvvəlki daha gözəl idi”– dedi. Baxdım ki, bu, Ömərdir. O dedi: “Mən sənin bir qədər əvvəl gəldiyini gördüm. Sən gəlməmişdən öncə Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən hansı biriniz dəstəmaz alar və dəstəmazını kamil şəkildə, yaxud tam şəkildə yerinə yetirər, sonra da: “Əşhədu ən lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və Rasuluhu!” (Tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir).– deyərsə, Cənnətin səkkiz qapısı onun üçün açılar və o, hansından istəsə, oradan Cənnətə daxil olar”. Hədisin mətni Muslimə aiddir. (Muslim, 345, 576).
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlman, yaxud mömin bir bəndə dəstəmaz aldığı zaman üzünü yuduqda, gözləri ilə gördüyü hər bir xəta (Burada söhbət kiçik günahlardan gedir). su ilə, yaxud suyun son damlasıyla bərabər üzündən çıxar. Əllərini yuduqda, əlləri ilə tutduğu hər bir xəta su ilə, yaxud suyun son damlasıyla bərabər əllərindən çıxar. Ayaqlarını yuduqda, ayaqları ilə batdığı hər bir xəta su ilə, yaxud suyun son damlasıyla bərabər ayaqlarından çıxar. Nəhayət, o bəndə günahlardan təmizlənmiş halda üzə çıxar”. Bu hədisi Muslim rəvayət etmişdir. (Muslim, 360, 600).
Muslim “Səhih” əsərində Əbu Malik əl-Əşaridən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh (Həmd olsun Allaha!) demək tərəzini doldurur. (Burada “tərəzi” deyildikdə, Qiyamət günü qurulacaq ədalət tərəzisi nəzərdə tutulur. Uca Allah buyurur: “Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kəsə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik” (“əl-Ənbiya”, 47). Subhən-Allah (Allah pak və müqəddəsdir!) və Allahu Əkbər (Allah Ən Böyükdür!) demək göylərlə yer arasını doldurur. (Peyğəmbər ﷺ demişdir: “İki kəlmə var ki, bunlar Mərhəmətli Allaha sevimlidir, tələffüzü asandır və tərəzidə ağır gəlir. Bunlar: “Subhən-Allahi və bihəmdihi, subhən-Allahil-azim!” kəlmələridir” (əl-Buxari, 6188, 6682, 7008, 7563). Oruc (günahlardan və ya oddan) bir qalxandır. Səbir bir işıqdır. (Şəriətin buyurduğu səbir üç növdür:
1. Allaha və Onun elçisinə itaət etməkdə səbir etmək;
2. Allahın və Onun Elçisinin qadağan etdiyi şeylərdən çəkinməkdə səbir etmək;
3. Müsibətlərə səbir etmək.
Diqqət etsək görərik ki, Peyğəmbər ﷺ burada “səbir bir nurdur” demir, işıqdır deyir. Çünki işıqda hərarət də olur. Uca Allah buyurur: “Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir” (“Yunus”, 5). Günəş həm işıq saçır, həm də istilik verir. Səbir də həmçinin sahibinin qəlbinə və bədəninə istilik verir). Sədəqə bir dəlildir. (Yəni, o, sahibinin səmimi olmasına dəlildir. Çünki mömin sədəqə verməklə, Allaha yaxınlaşmaq və bunun sayəsində də savab qazanmaq istəyir. Beləliklə də, o özünə əziz olan bir şeyi ona daha əziz olan Allahın yolunda sərf etmiş olur. Bu da onun imanının təmiz olduğuna dəlalət edir). Quran isə sənin ya lehinə, ya da əleyhinə bir hüccətdir. (Yəni, əgər mömin bəndə Quranın buyurduqlarına əməl edib qadağan etdiklərindən çəkinərsə, həmin bəndə qəbirdə sorğu-suala çəkilərkən, məhşər günü haqq-ədalət tərəziləri qoyularkən və Allahın hüzuruna gətirilərkən Quran onun lehinə, əks halda isə əleyhinə şahidlik edər). Hər bir insan səhər evindən çıxıb nəfsini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər (Yəni hər bir əməl sahibi etdiyi əməllər sayəsində ya nəfsini Oddan azad etmiş, ya da onu Oda sürükləyərək məhv etmiş olur. Allaha və Onun elçisinə itaət etməklə nəfsini azad etmiş və şeytandan canını qurtarmış, əks halda isə nəfsini həlaka yönəltmiş olur).”. (Muslim, 328, 556).
Yenə Muslim “Səhih” əsərində Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Uca Allah nə xəyanətlə (haram yolla) əldə edilmiş maldan sədəqəni, nə də təharətsiz (dəstəmazsız və ya qüslsuz) qılınan namazı qəbul etməz”. (Muslim, 329, 557).
Əbu Davud ət-Tayəlisi Əbu Məlihdən, o da atasından belə rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərlə ﷺ birlikdə bir evdə idim və onun belə dediyini eşitdim: “Həqiqətən, Allah təharətsiz (dəstəmazsız və ya qüslsuz) namazı və xəyanətlə (haram yolla) əldə edilmiş maldan sədəqəni qəbul etməz”. Hədisi Əhməd, Əbu Davud, ən-Nəsəi və İbn Məcə də rəvayət etmişlər. (ət-Tayəlisi, 1416; əd-Dərimi, 713; əl-Beyhəqi “Sunənul-Kubra” 188, 191; İbn Məcə, 271. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 218).
əl-Maidə, 7-11
وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُمْ بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلَّا تَعْدِلُوا اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ * وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ * وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ الْجَحِيمِ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَنْ يَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنْكُمْ وَاتَّقُوا اللَّهَ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
7. Allahın sizə olan nemətini və “Eşitdik və itaət etdik!” dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
8. Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
9. Allah iman gətirib saleh əməllər edənlərə vəd etmişdir ki, onlar üçün bağışlanma və böyük mükafat vardır.
10. Kafir olanlara və ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridirlər.
11. Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir toplum sizə əl qaldırmaq fikrinə düşmüşdü, Allah isə onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər!
Uca Allah bu ayələrdə mömin qullarına bu əzəmətli dini və şəriət qanunlarını lütf edib, bu şərəfli Peyğəmbəri ﷺ elçi olaraq göndərməklə, onlara verdiyi nemətini xatırladır. Həmçinin bu Peyğəmbərə ﷺ beyət edib (sadiqlik andı içib), tabe olmaq, yardım etmək və onu dəstəkləmək, gətirdiyi dini qəbul edib əməl etmək və onu təbliğ etmək barədə onlardan aldığı əhd-peymanı xatırladaraq buyurur: “Allahın sizə olan nemətini və “Eşitdik və itaət etdik!” dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın”. Bu, səhabələr İslamı qəbul edərkən Peyğəmbərə ﷺ etdikləri beyət idi. Necə ki demişlər: “Peyğəmbərə ﷺ həm xoş günlərimizdə, həm də sıxıntılı anlarımızda dinləyib itaət edəcəyimizə dair beyət etdik. Həmçinin haqqımızı ödəməsələr belə, əmirə qarşı çıxmayacağımıza söz verdik”. (əl-Buxari, Muslim və başqalarının Ubədə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdir. Hədisin tam mətni “ən-Nisa” surəsinin 59-cu ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Muslim, 3427, 4877; əl-Buxari, 6532, 7056). Uca Allah başqa bir ayədə buyurur: “Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz?! Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır” (“əl-Hədid”, 8). Bəzi alimlər demişlər: “Bu ayədə Uca Allah yəhudilərə Peyğəmbərə ﷺ tabe olub, onun gətirdiyi şəriətə boyun əyəcəkləri barədə aldığı əhdi xatırladır”. Bu rəyi Əli ibn Əbu Talhə, İbn Abbasdan rəvayət etmişdir. Bəzi alimlər isə demişlər: “Bu ayədə Uca Allah bir zamanlar Adəmin belindən törəmələrini çıxarıb onlardan əhd-peyman alaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutduğunu, onların da: “Bəli, biz şahid olduq!" (“əl-Əraf”, 172) – deyə cavab verdiklərini xatırladır”. Bu rəyi Mucahid və Muqatil ibn Həyyan demişlər. Lakin birinci rəy daha üstündür. İbn Abbas və əs-Suddidən də belə nəql edilir. İbn Cərir ət-Tabəri də bu rəyi seçmişdir. Sonra Uca Allah: “Allahdan qorxun!” buyuraraq qullarını hər bir halda təqvalı olmağa təşviq etmişdir. Sonra isə Uca Allah qullarının qəlblərində olanlardan və gizli hisslərindən xəbərdar olduğunu bildirərək: “Şübhəsiz ki, O, kökslərdə olanları bilir”– buyurur.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun”, yəni insanların sizi tərifləməsi üçün deyil, Allah üçün haqqı qoruyan kəslər olun, zülmlə deyil, ədalətli şəkildə şahidlik edin. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Numan ibn Bəşirin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Bir dəfə atam mənə malından bir pay hədiyyə verdi. Lakin anam Amra bint Rəvaha ona: “Sən Peyğəmbəri ﷺ şahidlik etməyə çağırmayınca, mən buna razılıq verən deyiləm”– dedi. Onda atam Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mən Amra bint Rəvahadan olan oğluma hədiyyə verdim. Lakin yoldaşım məndən səni buna şahid tutmağımı istədi”. Peyğəmbər ﷺ soruşdu: “O biri övladlarına da bu cür hədiyyə verdinmi?” Atam: “Xeyr!”– deyə cavab verdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Allahdan qorxun və övladlarınıza olan münasibətdə ədalətli olun!” Sonra dedi: “Mən haqsızlığa şahidlik etmirəm”. Bundan sonra atam qayıdıb hədiyyəsini geri götürdü”. (əl-Buxari, 2398, 2587).
Uca Allah buyurur: “Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin”, yəni hər hansı bir camaata qarşı olan kin və nifrətiniz sizi onlara qarşı ədalətsiz davranmağa sövq etməsin. İstər dost olsun, istər düşmən, hər kəslə ədalətli rəftar edin. Bu səbəbdən Uca Allah ayənin davamında: “Ədalətli olun! Bu, təqvaya daha yaxındır”– buyurur. Yəni, ədalətli davranmanız təqvaya, ədaləti tərk etməkdən daha yaxındır.
Uca Allah buyurur: “Bu, təqvaya daha yaxındır”. Burada sifətin müqayisə dərəcəsi həqiqi mənada işlənməmişdir, çünki digər tərəf (ədalətsizlik) bu sifətə (təqvaya yaxınlıq sifətinə) ümumiyyətlə, sahib deyil. (Sifətin müqayisə dərəcəsi – eyni sifətə və ya əlamətə malik olan iki ayrı-ayrı tərəflər müqayisə edilərək, birinin digərindən daha üstün olmasını bildirir. Lakin bəzən Quranda müqayisə dərəcəsi öz əsl mənasında işlənmir və yalnız bir tərəfə aid olur. Bu halda sifətin müqayisə dərəcəsi indiki zaman feili sifəti mənasını verir. Bu ayədə müqayisə olunan iki tərəf “ədalətli davranmaq” və “ədalətsizlik”dir. Əgər biz müqayisə dərəcəsinin öz əsl mənasında işləndiyini desək, o zaman belə çıxır ki, ədalətsizlik də təqvaya yaxındır, lakin ədalətli davranmaq daha yaxındır. Demək ki, bu ayədə sifətin müqayisə dərəcəsi (təqvaya daha yaxındır) indiki zaman feili sifət mənasındadır (təqvaya yaxın olandır). Eyni məna Uca Allahın bu ayəsindədir: “Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaq” (“əl-Furqan”, 24). Həmçinin bəzi səhabə qadınların Ömərə “Sən Peyğəmbərdən ﷺ daha kobudsan”– demələri də bu mənadadır. (əl-Buxari, 3051, 3294. Uca Allah Peyğəmbərimizin ﷺ kobud olmadığını bildirmişdir. Uca Allah bu xüsusda buyurur: “Əgər kobud və daşqəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər” (“Ali-İmran”, 159).
Uca Allah buyurur: “Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”, yəni Allah etdiyiniz əməllərə görə sizə əvəzini verəcəkdir. Xeyir əməlin əvəzi xeyirlə, şər əməlin əvəzi isə şərlə veriləcək. Bu səbəbdən Uca Allah növbəti ayədə “Allah iman gətirib saleh əməllər edənlərə vəd etmişdir ki, onlar üçün bağışlanma”, yəni günahlardan bağışlanma “və böyük mükafat vardır”– deyə buyurur. Bu böyük mükafat Cənnətdir, Uca Allah onu qullarına rəhmət olaraq verəcəkdir. Onlar Cənnətə öz əməlləri ilə deyil, Allahın lütfü və rəhməti ilə nail olacaqlar. Qulların əməlləri Allahın rəhmətini qazanmağa səbəb olsa da, bu əməlləri Allahın rəhmətinə, lütfünə və əfvinə nail olmaq üçün səbəb edən də Odur. Hər şeyin səbəbkarı Odur və Onun üçündür. Həmd Onadır və nemət sahibi Odur. (Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Heç bir kəsi əməlləri Cənnətə daxil edə bilməz”. Səhabələr: “Səni də, ey Allahın Elçisi?”– deyə soruşdular. Peyğəmbər ﷺ dedi: “Hətta məni də. Yalnız Allahın mənə mərhəmət göstərməsi və mənə rəhm etməsi istisnadır. Elə isə, doğru yol tutun, ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa, ona yaxınlaşın! Sizdən heç kəs özünə ölüm diləməsin. Əgər o, həyatda qalarsa, əməlisaleh adamdırsa, yaxşı işlər görüb savabını artırar, yox, günahkar adamdırsa, ola bilər ki, tövbə etsin” (əl-Buxari, 5673).
Sonra Uca Allah buyurur: “Kafir olanlara və ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridirlər”. Bu cəza, Uca Allahın ədalətli və hikmətli olmasına görədir. Allah Öz hökmlərində zülm etməz, ədalətlə hökm verən, hikmət sahibi və hər şeyə qadir olan Odur.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir toplum sizə əl qaldırmaq fikrinə düşmüşdü, Allah isə onların əllərini sizdən çəkmişdi”. Abdur-Razzəq Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, səfərlərin birində Peyğəmbər ﷺ (Nəcd ərazisinə yürüş etdiyi zaman) akasiya ilə dolu bir vadidə istirahət üçün dəvəsindən endi. Camaat ağacların kölgəsi altında kölgələnmək üçün ətrafa dağılışdı. Peyğəmbər ﷺ akasiya ağacının altında uzandı, qılıncını da ağacdan asdı. Bir bədəvi ərəb gəlib Peyğəmbərin ﷺ qılıncını götürdü və qınından çıxarıb Peyğəmbərə ﷺ tərəf yönəldərək: “Səni mənim əlimdən kim xilas edə bilər?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Allah”– deyə cavab verdi. Bədəvi iki və ya üç dəfə: “Səni mənim əlimdən kim xilas edə bilər?”– deyə təkrarladı və hər dəfə Peyğəmbər ﷺ cavabında: “Allah”– dedi. Cabir dedi: “Bədəvi qılıncı qınına qaytardı. Peyğəmbər ﷺ səhabələrini çağıraraq bədəvinin etdiyini onlara bildirdi. Bədəvi Peyğəmbərin ﷺ yanında oturmuşdu. Bundan sonra Peyğəmbər ﷺ onu cəzalandırmadı”. (Abdur-Razzəqin təfsiri (Əlyazma, səh. 6); ət-Tabəri (11566). İsnadı səhihdir. Oxşar hədisi Əhməd (14386, 14987, 15252) və əl-Buxari (4135) rəvayət etmişlər. Buna oxşar başqa bir hadisə “ən-Nisa” surəsinin 102-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Abdur-Razzəq “Təfsir” 684; ət-Tabəri, 11566, 11624; əl-Beyhəqi “Sunənul-Kubra” 11494, 17814, 18035, 18089). Bu bədəvi ərəbin adı Ğauras ibn Haris idi və onun hekayəsi “Səhih” əsərində rəvayət olunub.
Muhəmməd ibn İshaq, Mucahid, İkrimə və başqaları bu ayənin Bənu Nadir qəbiləsi barədə nazil olduğunu demişlər. Peyğəmbər ﷺ Amirilərin qanbahası mövzusunda onlardan yardım istəməyə gəldikdə onlar Peyğəmbərin ﷺ başına böyük bir dəyirman daşını atmaq istəmişdilər və bu işi Amr ibn Cuhaş ibn Kəbə tapşırmışdılar. Peyğəmbər ﷺ divarın altında oturduqda və onlar onun ətrafına toplandıqda Amr o dəyirman daşını yuxarıdan aşağı buraxmalı idi. Uca Allah Peyğəmbərinə ﷺ onların hazırladıqları hiyləni bildirdi və Peyğəmbər ﷺ dərhal Mədinəyə qayıtdı, səhabələri də onun dalınca gəldilər. Bu səbəbdən Uca Allah “Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir toplum sizə əl qaldırmaq fikrinə düşmüşdü, Allah isə onların əllərini sizdən çəkmişdi” ayəsini nazil etdi. Ertəsi gün Peyğəmbər ﷺ onları mühasirəyə aldı və yurdlarından çıxarılaraq sürgün edilmələrini əmr etdi. (ət-Tabəri, 11557, 11615; əl-Beyhəqi “Dələilun-Nubuvvə” 3/354. Ali Nasr isnadının zəif olduğunu bildirmişdir).
Uca Allah buyurur: “Qoy möminlər Allaha təvəkkül etsinlər!”, yəni kim Allaha təvəkkül edərsə, Allah bütün işlərində ona yetər və onu insanların şərindən qoruyar.
əl-Maidə, 12-14
وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنْتُمْ بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَأُكَفِّرَنَّ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ فَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ * فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَنَسُوا حَظًّا مِمَّا ذُكِّرُوا بِهِ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَى خَائِنَةٍ مِنْهُمْ إِلَّا قَلِيلًا مِنْهُمْ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ * وَمِنَ الَّذِينَ قَالُوا إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللَّهُ بِمَا كَانُوا يَصْنَعُونَ
12. Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki başçı təyin etmişdik. Allah onlara demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onları dəstəkləsəniz və kasıblara könüllü yardım etməklə, Allaha gözəl bir borc versəniz, əlbəttə, təqsirlərinizdən keçər və sizi altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizlərdən kim küfr edərsə, artıq doğru yoldan azmış olar”.
13. İsrail oğulları verdikləri əhdi pozduqlarına görə, Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
14. “Biz nəsranilərik!” deyənlərdən də əhd almışdıq. Onlar da özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir.
Uca Allah əvvəlki ayələrdə mömin qullarına qulu və elçisi Muhəmmədin ﷺ dili ilə aldığı əhd-peymana sadiq qalmağı əmr edib, haqqı qoruyan, ədalətlə şahidlik edən kəslərdən olmağı buyurduqdan, habelə o kəsləri haqqa və doğru yola yönəltməklə, onlara lütf etdiyi aşkar və gizlin nemətlərini xatırlatdıqdan sonra bu ayələrdə onlardan əvvəl Kitab verilmiş yəhudi və xaçpərəstlərdən necə əhd-peyman aldığını bəyan etməyə başlayır. Onlar bu əhdi pozduqda, Allah onları lənətləməklə cəzalandırmış və Öz rəhmətindən qovmuşdu. Qəlblərinə isə hidayətə və haqq dinə yetişməyə mane olacaq pərdə çəkmişdi. Bu, hidayət və haqq din, faydalı elm və saleh əməldir. Uca Allah buyurur: “Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki başçı təyin etmişdik”, yəni bağladıqları əhd-peymanı yerinə yetirib Allaha, Onun Elçisinə və Kitabına itaət etsinlər deyə, qəbilələrinə rəhbərlik edən başçılar seçmişdik.
Eynilə Aqabə beyətində (Aqabə beyəti – hicrətdən əvvəl Peyğəmbər ﷺ Məkkədə olduğu dövrdə Minadakı Aqabə adlanan ərazidə baş verdiyinə görə belə adlandırılmışdır. Bu beyət eyni yerdə iki dəfə baş tutmuşdur. Məkkə müşriklərinin Peyğəmbərə ﷺ əziyyəti artdıqda, Peyğəmbər ﷺ həcc mövsümündə həccə gələn Mədinə əhalisini İslama dəvət etməyə başladı. İlk olaraq altı nəfər İslamı qəbul etdi. Növbəti il həcc mövsümündə bu altı nəfər Əus və Xəzrəc qəbilələrindən olan on iki nəfərlə Minaya gəldi və Peyğəmbərə ﷺ beyət edib, ona yardım edəcəkləri barədə sadiqlik andı içdilər. Peyğəmbər ﷺ bu beyətdən sonra Musab ibn Umeyri onlarla birlikdə onlara İslamı və Quranı öyrətmək üçün Mədinəyə göndərdi. Hicrətdən üç ay əvvəl Zül-Hiccə ayında Ənsarlardan yetmiş üç kişi və iki qadın həcc mərasimini yerinə yetirmək üçün Minaya gəldilər. Onlar eyni yerdə Peyğəmbərə ﷺ beyət etdilər. Bu beyətdə iştirak edənlərdən biri də Ubadə ibn Samit olmuşdur. Ubadə ibn Samit (Allah ondan razı olsun) demişdir: “Biz, xoş gündə və sıxıntı anlarında (əmirləri) dinləyib itaət edəcəyimizə, habelə əmirə qarşı çıxmayacağımıza, harada olmuş olsaq belə, heç kəsin tənəsindən qorxmadan Allah yolunda haqqı təbliğ edəcəyimizə (və ya haqqı deyəcəyimizə) dair Peyğəmbərə ﷺ beyət etdik”. (əl-Buxari, 6532, 7056, 7200). ənsarlar (Mədinə sakinləri) Peyğəmbərə ﷺ beyət etdikdə on iki qəbilə başçısı iştirak edirdi. Onlardan üçü – Useyd ibn Hudeyr, Sad ibn Xeysəmə və Rifəa ibn Abdulmunzir Əus qəbiləsindən idi. Bəzi tarixçilər Rifəa ibn Abdulmunzirin yerinə Əbul-Heysəm ibn Teyyihanı qeyd etmişlər. Yerdə qalan doqquz nəfər isə Xazrəc qəbiləsindən idilər. Bunlar: Əbu Uməmə Əsəd ibn Zurara, Sad ibn Rabi, Abdullah ibn Ravəhə, Rafi ibn Malik, Bəra ibn Marur, Ubadə ibn Samit, Sad ibn Ubadə, Abdullah ibn Amr ibn Haram və Munzir ibn Amr ibn Xuneys idi. Allah onların hamısından razı olsun. Bu səhabələr Peyğəmbərin ﷺ əmrini həyata keçirmək üçün qövmlərinin seçilmiş rəhbərləri idilər. Onlar Peyğəmbərə ﷺ itaət edəcəklərinə dair qövmləri adından sadiqlik andı içmək vəzifəsini öz boyunlarına götürmüş kəslər idilər.
İmam Əhməd Məsruqun belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz Abdullah ibn Məsudun yanında oturmuşduq. O, bizə Quran oxutdururdu. Bir nəfər soruşdu: “Ey Əbu Abdur-Rahmən, Peyğəmbərdən ﷺ heç soruşmusunuzmu, bu ümmətin neçə xəlifəsi olacaq?” Abdullah ibn Məsud dedi: “İraqa gəldiyimdən bəri səndən başqa heç kim mənə bu sualı verməyib”. Sonra sözünə davam edərək dedi: “Bəli, biz Peyğəmbərdən ﷺ bunu soruşmuşuq və o, bizə: “Bu ümmətin on iki xəlifəsi olacaq, İsrail oğullarının başçılarının sayı qədər”– deyə cavab verdi”. Hədis bu şəkildə ğaribdir. (Əhməd (3781). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
Hədisin əsli əl-Buxari və Muslimin “Səhih” əsərlərində Cabir ibn Səmuradan (Allah ondan razı olsun) rəvayət edilir. Cabir demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “(Məndən sonra) insanlara (bu ümmətə) on iki əmir başçılıq edənə qədər onlar doğru din üzərində olacaqlar”. Sonra Peyğəmbər ﷺ elə bir söz dedi ki, mən onu eşidə bilmədim. Ətrafdakılardan Peyğəmbərin ﷺ nə dediyini soruşdum, onlar: “Onların hamısı Qureyşdən olacaq”– deyə cavab verdilər”. Hədisin mətni Muslimə aiddir. (Muslim, 3394, 4810). Bu hədisin mənası əməlisaleh, haqqı qoruyan və insanlar arasında ədalətlə hökm edən on iki xəlifənin olacağını müjdələməkdən ibarətdir. Lakin bu, on iki xəlifənin mütləq bir-birlərinin ardınca gəlməsi demək deyil. Bu xəlifələrdən dördü ardıcıl gəlmişdir ki, bunlar: Əbu Bəkr, Ömər, Osman və Əlidir. Allah onlardan razı olsun! Alimlərə görə, heç şübhə yoxdur ki, Ömər ibn Abdul-Əziz və Abbasi xəlifələrinin bəziləri də bu xəlifələrə aiddir. Bu on iki xəlifə hakimiyyətə gəlməyincə Qiyamət qopmayacaq. Hədislərdə gəlməsi barədə müjdə verilən Mehdi də bunlardan biridir. Mehdinin öz adı Peyğəmbərin ﷺ adı ilə, atasının adı isə Peyğəmbərin ﷺ atasının adı ilə eyni olacaq. (Yəni, adı Muhəmməd ibn Abdullah olacaq). Yer üzünü zülm və haqsızlıq bürüdüyü bir vaxtda o, yer üzünü ədalətlə dolduracaq. Bu Mehdi, bəzilərinin varlığını zənn etdikləri və Səmərra sərdabəsindən zühur edəcəyini gözlədikləri Mehdi (Mehdi əl-Muntazar) deyil. Onların zənn etdikləri Mehdi həqiqətdə mövcud deyil. Həmçinin bu on iki xəlifə bəzilərinin on iki imam kimi qəbul etdikləri şəxslər də deyil. Tövratda İsmailin nəslindən on iki böyük şəxsiyyətin gələcəyinə dair müjdə var. Bu on iki şəxsiyyət İbn Məsud və Cabir ibn Səmuranın (Allah ondan razı olsun) rəvayət etdikləri hədislərdə qeyd olunan on iki xəlifədir. Şiələr İslamı təzə qəbul etmiş bəzi cahil yəhudiləri çaşdıraraq onları kitablarında (Tövratda) bəhs edilən on iki şəxsiyyətin on iki imam olduğuna inandırırlar. Bu səbəbdən bir çox yəhudilər cahillikləri və savadsızlıqları üzündən Peyğəmbərin ﷺ hədislərində sabit olan xüsusları şiələrə aid edərək şiəliyi qəbul edirlər.
Uca Allah buyurur: “Allah onlara demişdi: “Mən sizinləyəm...”, yəni sizi qorumağımla, müdafiə etməyimlə və köməyimlə sizin yanınızdayam. İnayətimlə sizinləyəm. “Əgər namazı doğru-düzgün qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib...”, yəni peyğəmbərlərin sizə gətirdiyi ilahi vəhyi təsdiqləsəniz – “onları dəstəkləsəniz”, yəni haqqı təbliğ etməkdə onları dəstəkləsəniz və onlara bu işdə yardım etsəniz “və kasıblara könüllü yardım etməklə, Allaha gözəl bir borc versəniz”, yəni Allahın rizasını qazanmaq üçün Allah yolunda malınızı sərf etsəniz, “əlbəttə, təqsirlərinizdən keçər”, yəni günahlarınızı bağlayar, silər və üstünü örtərəm, bu günahlara görə sizi cəzalandırmaram “və sizi altından çaylar axan cənnətlərə daxil edərəm”, yəni qorxduğunuz şeyləri üzərinizdən qaldırar və sizi məqsədinizə çatdıraram.
Uca Allah buyurur: “Bundan sonra sizlərdən kim küfr edərsə, artıq doğru yoldan azmış olar”, yəni kim bu əhdi bağladıqdan və təsdiqlədikdən sonra onu pozarsa, onu inkar edib, sanki bilmirmiş kimi davranarsa, haqq yoldan azmışdır, doğru yoldan üz döndərərək azğınlığa düşmüşdür.
Sonra Uca Allah əhdlərini pozanların başlarına gələn cəzanı bildirərək buyurur: “İsrail oğulları verdikləri əhdi pozduqlarına görə, Biz onları lənətlədik”, yəni Allahın onlardan aldığı əhdi pozduqlarına görə onları lənətləyib haqdan uzaqlaşdırdıq və doğru yoldan sapdırdıq “və qəlblərini sərtləşdirdik”, yəni qəlbləri sərt olduğu üçün heç bir öyüd-nəsihət qəbul etməzlər. “Onlar kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər”, yəni anlayışları korlandığı üçün Allahın ayələrini düzgün anlamazlar, Allahın Kitabını nazil olduğu şəkildə açıqlamazlar, Allahın nəzərdə tutduğu mənada şərh etməzlər, Allahın demədiklərini Onun adından deyərlər. Bu əməllərdən Allaha sığınırıq. “Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular”, yəni Allahın onlara öyrətdiyi xeyir əməlləri tərk etdilər. əl-Həsən demişdir: “Dinlərinin əsaslarını tərk etdilər. Allahın onlara əmr etdiyi vəzifələrinə laqeyd yanaşdılar. Halbuki, Allah yalnız bu vəzifələri yerinə yetirməklə əməlləri qəbul edir”. Bəzi alimlər demişlər: “Əməlləri tərk etdikləri üçün rəzil bir vəziyyətə düşdülər. Nə sağlam qəlbləri, nə doğru fitrətləri, nə də düz əməlləri qaldı”. “İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən”, yəni sən onlardan daim sənə və sənin yoldaşlarına qarşı hiylə və xəyanət görərsən. “Onları əfv et və təqsirlərindən keç”. Bu, zəfərin və müvəffəqiyyətin özüdür. Necə ki bəzi sələflər demişlər: “Sənə qarşı, Allaha asilik edən adama qarşı sənin Allaha itaət etməyindən daha gözəl bir rəftar ola bilməz”. Çünki belə etməklə onları haqq üzərində toplamaq mümkündür. Bəlkə, Allah onları doğru yola yönəldər. Bu səbəbdən Uca Allah: “Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir”– buyurur. Yəni, sənə qarşı pislik edənlərin təqsirlərindən keçməyini sevir.
Uca Allah buyurur: “Biz nəsranilərik!” deyənlərdən də əhd almışdıq”, yəni nəsrani (İsaya - ona salam olsun - yardım edənlər) olduqlarını və İsanın (ona salam olsun) ardınca getdiklərini deyib, əslində isə belə olmayanlardan da Peyğəmbərə ﷺ tabe olub, ona dəstək olacaqları və ona yardım edəcəkləri barədə əhd almışdıq. Biz onlardan Allahın yer üzünə göndərdiyi hər bir peyğəmbərə iman gətirəcəkləri barədə əhd almışdıq. Lakin onlar da yəhudilər kimi davranıb əhdlərini pozdular. Bu səbəbdən Uca Allah ayənin davamında: “Onlar da özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq”– buyurur. Yəni, Qiyamətə qədər onlar bir-birlərinə qarşı düşmənçilik aparacaq və bir-birləri ilə çəkişəcəklər. Xaçpərəst firqələr növlərindən asılı olaraq hələ də bir-birlərini kafir görüb lənətləməklə bir-birlərinə qarşı düşmənçilik aparırlar. Hər firqə digər firqə mənsublarını öz məbədlərindən qovaraq onların ora daxil olmalarına mane olurlar. Məsələn: Məlkilər Yaqubilərı kafir görürlər. Digər firqələr də onları kafir görürlər. Həmçinin Nəsturilərlə Ariusçular da belədirlər. Hər firqə digərini həm dünyada, həm də Axirətdə kafir görür.
Sonra Uca Allah buyurur: “Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir”. Bu, Allaha və Onun elçisinə qarşı yalan danışıb, Allaha zövcə və övlad nisbət etdiklərinə görə xaçpərəstlərə yönəldilmiş ağır bir əzab təhdididir. Allah onların dediklərindən Uca, Pak və Müqəddəsdir. Allah Təkdir, (zövcə və ya övlad götürməyə) Möhtac deyildir. O, nə doğub, nə də doğulub, Onun bənzəri də yoxdur.
əl-Maidə, 15-16
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِمَّا كُنْتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَنْ كَثِيرٍ قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُبِينٌ * يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ
15. Ey Kitab əhli! Sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən rəsulumuz gəldi. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir kitab gəldi.
16. Allah, Onun rizasını arayan kəsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər.
Uca Allah bu ayədə Özü barədə xəbər verərək bildirir ki, O, elçisi Muhəmmədi ﷺ doğru yol göstəricisi və haqq din ilə yer üzündə olan bütün insanlara – həm ərəblərə, həm də ərəb olmayanlara, həm Kitab verilənlərə, həm də savadsızlara – haqla batili ayırd etmək üçün açıq-aydın dəlillərlə peyğəmbər olaraq göndərmişdir. Uca Allah buyurur: “Ey Kitab əhli! Sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən rəsulumuz gəldi”, yəni bu Peyğəmbər Kitab əhlinin öz kitablarını dəyişməklə və ayələri təhrif edərək onları səhv şərh etməklə Allaha atdıqları böhtanları sizə açıqlayır. Həmçinin bir çox təhrif olunmuş məsələlərin açıqlanmasında fayda olmadığı üçün onlar barədə susur. əl-Hakim Abdullah ibn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Kim evli zinakarın daşqalaq olmasını inkar edərsə, artıq özü də bilmədən Quranı inkar etmişdir, çünki Uca Allah buyurur: “Ey Kitab əhli! Sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən rəsulumuz gəldi”. Kitab əhlinin gizlətdiyi ayələr arasında evli zinakarın daşqalaq olması barədə ayə də var idi”. əl-Hakim demişdir: “Bu hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (4/359). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. ət-Tabəri (11609, 11610). əs-Suyuti (2/269) hədisi əlavə olaraq İbn əd-Dirris, ən-Nəsəi və İbn Əbu Hatimə nisbət etmişdir. (Əhməd Şakir). əl-Hakim, 8069; ət-Tabəri, 11609, 11666).
Sonra Uca Allah hörmətli Peyğəmbərinə ﷺ nazil etdiyi Əzəmətli Quran barədə xəbər verərək buyurur: “Artıq sizə Allahdan bir nur və açıq-aydın bir kitab gəldi. Allah, Onun rizasını arayan kəsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldər”, yəni Uca Allah bu Kitabla onları qurtuluşa, salamatlığa və doğru yola yönəldər, “onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər”, yəni onları hər cür təhlükədən qurtarar, onlara ən aydın yolu göstərər və pislikləri onlardan uzaqlaşdırar. Onları ən gözəl işlərə müvəffəq edər, zəlalətə düşməkdən qoruyar və ən doğru yola yönəldər.
əl-Maidə, 17-18
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَنْ يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَنْ يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُمْ بِذُنُوبِكُمْ بَلْ أَنْتُمْ بَشَرٌ مِمَّنْ خَلَقَ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ
17. “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir.
18. Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Onadır.
Uca Allah bu ayələrdə Məryəm oğlu İsanın (ona salam olsun) “Allah” olduğunu iddia etdikləri üçün xaçpərəstlərin kafir olduqlarına hökm verir və bunu açıq-aydın bildirir. Halbuki, Məryəm oğlu İsa Allahın qullarından və yaratdığı məxluqlardan biridir. Allah onların dediklərindən Uca və Pakdır.
Sonra Uca Allah Özünün hər şeyə qadir olduğunu və hər şeyin Öz hökmü və səltənəti altında olduğunu xəbər verərək buyurur: “De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?”, yəni əgər Allah bunu etmək istəsə, kim ona maneçilik törədə bilər və ya kim onu bu işdən yayındıra bilər?
Sonra Uca Allah buyurur: “Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır”, yəni bütün varlıqlar Onun mülküdür və yaratdığıdır. O, istədiyini etməyə qadirdir. Allah qüdrətili, ədalətli, əzəmətli və səltənət sahibi olduğuna görə gördüyü işlər barədə soruşulmaz. Bu ayə xaçpərəstlərin iddialarına rədd cavabıdır.
Sonra Uca Allah yəhudi və xaçpərəstlərin yalan və böhtanlarını rədd edərək buyurur: “Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər”, yəni biz Allahın peyğəmbərlərinə nisbət olunuruq. Peyğəmbərlər isə Allahın oğullarıdır və Allah onları dəstəkləyir. Deməli, dolayısı ilə Allah bizi sevir. Onlar öz dini kitablarında Allahın Öz qulu İsrailə (Yaquba - ona salam olsun) belə dediyini nəql edirlər: “Sən mənim ilk oğlumsan”. Onlar bu cümləni təhrif edərək düzgün mənada açıqlamırlar. Yəhudilərdən İslamı qəbul etmiş bir çox aqil insanlar yəhudilərə bu barədə rədd cavabı verərək bu ifadənin yəhudi dilində şərəf və hörmət ifadə etdiyini bildirmişlər. Həmçinin xaçpərəstlər də öz kitablarında İsanın onlara belə dediyini nəql edirlər: “Mən, həm mənim, həm də sizin atanız olan Allahın yanına gedirəm”. Əslində, İsa bununla “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allahın yanına gedirəm” demək istəmişdir. Məlumdur ki, xaçpərəstlər İsanın (ona salam olsun) Allahın oğlu olduğunu iddia etdikləri kimi, özlərinin də Allahın oğulları olduqlarını iddia etmirlər. Lakin Allah dərgahında hörmətli və şərəfli olduqlarını iddia edirlər. Buna görə də “Biz Allahın oğulları və sevimliləriyik” deyirlər.
Sonra Uca Allah onların bu sözünü rədd edərək buyurur: “De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? ...”, yəni əgər iddia etdiyiniz kimi, Allahın oğulları və sevimlilərisinizsə, onda nə üçün küfr, böhtan və yalanlanlarınıza görə sizə Cəhənnəm odunu hazırlamışdır? Sufi şeyxlərindən biri fiqh aliminə belə bir sual verir: “Sevənin öz sevdiyinə əzab verməyəcəyi barədə Quranın hansı ayəsində bildirilir?” Fəqih bu suala cavab verə bilmədikdə, sufi şeyx Uca Allahın bu ayəsini oxuyur: “Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir?” Sufinin Qurani-Kərimdən gətirdiyi bu dəlil yaxşıdır və İmam Əhmədin “əl-Musnəd” əsərində rəvayət olunan bir hədis bunu təsdiqləyir. İmam Əhməd Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ səhabələri ilə gedərkən yolda bir uşağa rast gəldi. Uşağın anası bir dəstə insanın gəldiyini gördükdə, uşağının ayaq altında qalmasından qorxaraq uşağına doğru qaçdı və: “Balam, balam!”– deyə qışqırdı. Sonra çatıb uşağını götürdü. Bunu görən səhabələr dedilər: “Ey Allahın Elçisi, bu qadın uşağını heç oda atarmı?” Peyğəmbər ﷺ onları sakitləşdirərək: “Xeyr, Allaha and olsun ki, Allah sevdiyini oda atmaz”. Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (12043). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 12018, 12037, 12041. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2407).
Uca Allah buyurur: “Əksinə, siz Onun yaratdığı bir bəşərsiniz”, yəni sizinlə eyni növdən olan Adəm oğulları sizə örnəkdir. Uca Allah bütün qulları üzərində hakimdir. “O, istədiyini bağışlayar, istədiyinə də əzab verər”, yəni Allah istədiyini edəndir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir. “Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur”, yəni hər şey Onun mülküdür. Hər şey Onun hökmü və səltənəti altındadır. ”Dönüş də ancaq Onadır”, yəni qayıdış Onun hüzurunadır və O, qulları arasında istədiyi kimi hökm edəcək. O, Ədalətlidir və heç kəsə zülm etməz.
əl-Maidə, 19
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَى فَتْرَةٍ مِنَ الرُّسُلِ أَنْ تَقُولُوا مَا جَاءَنَا مِنْ بَشِيرٍ وَلَا نَذِيرٍ فَقَدْ جَاءَكُمْ بَشِيرٌ وَنَذِيرٌ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
19. Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə “Bizə müjdələyən və qorxudan kimsə gəlmədi” deməyəsiniz deyə, haqqı bəyan edən rəsulumuz gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəldi. Allah hər şeyə qadirdir.
Uca Allah bu ayədə yəhudi və xaçpərəstlərdən ibarət Kitab əhlinə müraciət edərək onlara peyğəmbərlərin sonuncusu olan Muhəmmədi ﷺ peyğəmbər göndərdiyini bildirir. Ondan sonra peyğəmbər gəlməyəcəyini, onun bütün peyğəmbərlərin sonuncusu olduğunu xəbər verir. Buna görə də: “Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə”– deyə buyurur. Yəni Peyğəmbərin ﷺ gəlişi ilə Məryəm oğlu İsanın gəlişi arasından uzun zaman keçdiyi bir dövrdə.
Alimlər bu müddətin nə qədər olmasında ixtilaf etmişlər. Əbu Osman ən-Nəhdi və bir rəvayətə görə, Qatədə bu müddətin altı yüz il olduğunu demişlər. əl-Buxari Salman əl-Farisidən də belə rəvayət etmişdir. Qatədədən gələn başqa bir rəvayətdə beş yüz altmış il olduğu deyilir. Məmər Qatədənin bəzi yoldaşlarından bu müddətin beş yüz qırx il olduğunu nəql etmişdir. əd-Dahhək isə bu müddətin dörd yüz otuz ildən artdıq olduğunu demişdir. İbn Asakir İsanın (ona salam olsun) həyatından bəhs edərkən əş-Şabinin belə dediyini rəvayət etmişdir: “İsanın göyə qaldırılması ilə Peyğəmbərin ﷺ Mədinəyə hicrət etməsi arasında doqquz yüz otuz üç il olmuşdur”. Lakin bu rəvayətlər arasında məşhur olan görüş, bu müddətin altı yüz il olmasıdır. Bəziləri bu müddətin altı yüz iyirmi il olduğunu demişlər. Bu iki rəy arasında heç bir ziddiyyət yoxdur. Çünki birinci rəyi deyən şəxs Şəmsi təqvimi ilə altı yüz ili, ikinci rəyi deyən şəxs isə Qəməri təqvimini nəzərdə tutmuşdur. Qəməri və Şəmsi təqvimləri arasında hər yüz ildə təxminən üç illik fərq var. Bu səbəbdən Uca Allah mağara əhlindən danışarkən: “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar”– deyə buyurur. Yəni Qəməri təqvimi ilə üstəlik doqquz il qaldılar. Bu doqquz il Kitab əhlinin bildiyi Şəmsi təqviminin üç yüzə tamamlanması üçün idi. İsrail oğullarının son peyğəmbəri Məryəm oğlu İsa (ona salam olsun) ilə Adəm övladlarına göndərilmiş peyğəmbərlərin sonuncusu Muhəmməd ﷺ arasındakı dövr peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdür. Necə ki əl-Buxarinin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Məryəm oğlu İsaya ən yaxın olan mənəm, çünki mənimlə onun arasında heç bir peyğəmbər yoxdur”. (əl-Buxari, 3186, 3442; Muslim, 4360, 6279). Bu hədis İsadan (ona salam olsun) sonra Xalid ibn Sinan adlı bir peyğəmbərin gəldiyini iddia edənlərə rədd cavabıdır. Bunu əl-Qadai və başqaları nəql etmişlər.
Ayədə nəzərdə tutulan budur ki, Uca Allah Muhəmmədi ﷺ peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə – haqqa aparan yolların zülmətə qərq olduğu, dinlərin dəyişdiyi, bütpərəstlərin, atəşpərəstlərin və xaçpərəstlərin artdığı bir dövrdə peyğəmbər olaraq göndərmişdir. Uca Allah bu Peyğəmbəri ﷺ bəşəriyyətin ona ən çox ehtiyac duyduğu bir dövrdə göndərməklə, qullarına olan ən böyük nemətini tamamladı. Çünki yer üzünün hər yerində fəsad, insanlarında isə zülm və cəhalət baş alıb gedirdi. Yalnız keçmiş peyğəmbərlərin dinlərinə sarılan az sayda dindarlar salamat qalmışdılar. Bunlar yəhudi elm adamları, xaçpərəst rahiblər və sabiilər idilər.
İmam Əhməd İyad ibn Himər əl-Mucaşidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir gün Peyğəmbər ﷺ xütbəsində belə dedi: “Rəbbim mənə əmr etdi ki, Onun mənə öyrətdiyi şeylərdən bilmədiyinizi sizə bu gün öyrədim. Allah buyurur: “Quluma əta etdiyim hər bir mal halaldır. Şübhəsiz ki, Mən bütün qullarımı müsəlman olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. Onlara halal etdiyim şeyləri haram etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər. Allah yer əhalisinə baxıb Kitab əhlinin az bir hissəsi istisna olmaqla, hamıya – ərəblərə də, qeyri-ərəblərə də qəzəbləndi. Allah buyurdu: “(Ey Muhəmməd!) Mən həm səni, həm də başqalarını səninlə imtahan etmək üçün göndərdim. Sənə su ilə yuyulmayacaq (qəlblərdə saxlanılan) bir kitab (Quran) nazil etdim. Sən onu həm yuxuda, həm də oyaq ikən oxuyursan”. Sonra Allah mənə Qureyş kafirlərini öldürməyimi əmr etdi. Mən dedim: “Ey Rəbbim! Onlar mənim başımı əzər və onu qurd-quşa yem edərlər”. Allah buyurdu: “Onlar səni çıxardıqları kimi, sən də onları oradan çıxart. Onlarla döyüş, Biz sənə yardım edərik. (Allah yolunda) onlarla mübarizədə xərclə, sonra Biz də sənə əvəzini verərik. Onların üzərinə ordu göndər, Biz də (onun) beş mislini göndərərik. Sənə itaət edənlərlə birlikdə sənə üsyan edənlərə qarşı döyüş”. Allah Elçisi ﷺ buyurdu: “Cənnət əhli üç qisimdir; çoxlu sədəqə verməyə və adilliyə müvəffəq olmuş hakim; bütün yaxınlarına qarşı kövrək qəlbli və rəhmli olan insan; bir də iffətli və kasıb olmasına baxmayaraq, sədəqə verən müsəlman”. Sonra buyurdu: “Cəhənnəm əhli isə beş qisimdir; haramlardan çəkinməyən zəif; yediyinin və içdiyinin haram və ya halal olmasına məhəl qoymayan, ailəyə və halal ruziyə can atmayan xidmətçilər; fürsət tapan kimi xəyanət edən, tamahını gizlətməyən xain; səhər-axşam sənin malına və ailənə hiylə qurmaq istəyən şəxs”. Həmçinin Allah Elçisi ﷺ xəsisliyi, yalanı və əş-Şinziri, yəni pis əxlaqı olan və çirkin söz danışanı da xatırlatdı”. (Əhməd (17556, 17558, 17563); Muslim (2865, 5109, 7386). Hədisin bir hissəsi “əl-Bəqərə” surəsinin 168-ci və “ən-Nisa” surəsinin 116-122-ci ayələrinin təfsirində keçmişdir. “ər-Rum” surəsinin 30-cu ayəsinin təfsirində təkrar olaraq gələcəkdir. (Əhməd Şakir). Muslim, 2865, 5109, 7386).
Bu hədisi qeyd etməkdə məqsədimiz Peyğəmbərin ﷺ “Allah yer əhalisinə baxıb Kitab əhlinin az bir hissəsi istisna olmaqla hamıya – ərəblərə də, qeyri-ərəblərə də qəzəbləndi...” sözüdür. Yəni, o gün yer üzünün əhalisinə haqq dinlər aydın deyildi. Nəhayət, Uca Allah Muhəmmədi ﷺ göndərib onun sayəsində insanlara doğru yolu göstərdi, onun vasitəsilə insanları zülmətlərdən nura çıxardı. Onları aydın və geniş yola, düzgün şəriətə yönəltdi. Bu səbəbdən Uca Allah: “Bizə müjdələyən və qorxudan kimsə gəlmədi” deməyəsiniz deyə”– buyurur. Yəni “Ey dinlərini təhrif edənlər, bizə qarşı dəlil gətirib “bizi xeyirlə müjdələyən, şərdən çəkindirən bir peyğəmbər gəlmədi” deməyəsiniz. “Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəldi”, yəni Muhəmməd ﷺ gəlmişdir. “Allah hər şeyə qadirdir”. İbn Cərir demişdir: “Yəni, Mənə asi olanları cəzalandırmağa, itaət edənləri isə savabla mükafatlandırmağa qadirəm”.
əl-Maidə, 20-26
وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنْبِيَاءَ وَجَعَلَكُمْ مُلُوكًا وَآتَاكُمْ مَا لَمْ يُؤْتِ أَحَدًا مِنَ الْعَالَمِينَ * يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَى أَدْبَارِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ * قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَنْ نَدْخُلَهَا حَتَّى يَخْرُجُوا مِنْهَا فَإِنْ يَخْرُجُوا مِنْهَا فَإِنَّا دَاخِلُونَ * قَالَ رَجُلَانِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * قَالُوا يَا مُوسَى إِنَّا لَنْ نَدْخُلَهَا أَبَدًا مَا دَامُوا فِيهَا فَاذْهَبْ أَنْتَ وَرَبُّكَ فَقَاتِلَا إِنَّا هَاهُنَا قَاعِدُونَ * قَالَ رَبِّ إِنِّي لَا أَمْلِكُ إِلَّا نَفْسِي وَأَخِي فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ * قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِي الْأَرْضِ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ
20. Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər seçdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi.
21. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və geri dönməyin, yoxsa ziyana uğrayaraq geri dönərsiniz”.
22. Onlar dedilər: “Ey Musa! Orada çox qüvvətli adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
23. Allahdan qorxanlar arasından Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə şəhər qapısından daxil olun. Əgər siz oradan daxil olsanız, mütləq qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
24. Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə onlara qarşı vuruş. Biz isə burada oturacağıq”.
25. O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”
26. Allah dedi: “Elə isə o yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa üçün heyifsilənmə”.
Uca Allah bu ayələrdə qulu və vasitəsiz olaraq birbaşa danışdığı Elçisi İmran oğlu Musadan (ona salam olsun) bəhs edir. Uca Allah Musanın bir zamanlar öz qövmünə Allahın onlara lütf etdiyi nemətləri xatırlatdığını, doğru yolda sabit qalacaqları təqdirdə dünya və Axirət xeyirlərini onlar üçün cəm edəcəyini xəbər verərək buyurur: “Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər seçdi, ...”, yəni atanız İbrahimdən bəri sizə göndərilən peyğəmbərlərdən biri vəfat etdikdə, yerini başqa peyğəmbər tuturdu. İsrail oğullarının halı belə idi, onları Allaha tərəf yönəldən, əzabdan çəkindirən peyğəmbərlər gəlirdi. Nəhayət, bu peyğəmbərlərə Məryəm oğlu İsa (ona salam olsun) ilə xitam verildi. Sonra Uca Allah bütün elçilərin və peyğəmbərlərin sonuncusu, İbrahim oğlu İsmailin (ona salam olsun) nəslindən gələn və özündən əvvəl keçən bütün peyğəmbərlərin ən üstünü Muhəmməd ibn Abdullaha ﷺ vəhy etdi. Ona və ailəsinə Allahın salavatı və salamı olsun!
Uca Allah buyurur: “...sizi hökmdarlar təyin etdi”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni sizi xidmətçiyə, qadına və evə sahib etdi”. əl-Hakim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Sizi hökmdarlar təyin etdi”, yəni qadına və xidmətçiyə sahib etdi, “və aləmlərdən heç kəsə vermədiyini sizə verdi”, yəni o dövrdə yaşayan insanlardan heç kəsə vermədiyi nemətləri sizə verdi”. Sonra əl-Hakim demişdir: “Bu hədis əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim, 3214; əl-Beyhəqi “Şuabul-İman” 4298).
İbn Cərir rəvayət etmişdir ki, bir nəfər Abdullah ibn Amr ibn əl-Asdan soruşdu: “Məgər biz kasıb mühacirlərdən deyilikmi?” Abdullah dedi: “Sənin arvadın varmı?” Kişi: “Bəli”– deyə cavab verdikdə, Abdullah: “Sənin yaşamağa evin varmı?”– deyə soruşdu. O: “Bəli”– dedi. Abdullah dedi: “Elə isə sən zəngin insanlardan birisən”. Kişi dedi: “Üstəlik mənim bir xidmətçim də var”. Abdullah dedi: “Onda sən bir hökmdarsan”. (ət-Tabəri (11625). Hədisin isnadı səhihdir. Həmçinin Muslim (2/388-389) daha uzun mətnlə rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 5290, 7653). İbn Əbu Hatim rəvayət etmişdir ki, əs-Suddi Uca Allahın “Sizi hökmdarlar təyin etdi” sözü barədə demişdir: “Yəni sizdən biri özünə, ailəsinə və malına sahibdir”. (ət-Tabəri, 11636, 11693). Hədislərin birində Peyğəmbər ﷺ demişdir: “Sizdən kim əmin-amanlıq içində, (Burada adamın qəlbinin arxayınlığı, habelə özünün və ailəsinin əmin-amanlıq içində olması qəsd edilir. Hədisdə Peyğəmbər ﷺ əmin-amanlığı digər nemətlərdən əvvəl qeyd etdi. Bu, əmin-amanlığın insanın həyatı üçün çox önəmli olduğuna dəlalət edir, çünki əmin-amanlıq olmasa, insan digər nemətlərdən faydalana bilməz). canı sağlam, yanında da həmin günün yeməyi olduğu halda səhərə çıxmışsa, ona sanki dünya bəxş edilmişdir”. (əl-Buxari “Ədəbul-Mufrad” 300; ət-Tirmizi (3/268-269); İbn Məcə (4141). ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demişdir. (Əhməd Şakir). Hədis həsəndir. Bax: Səhih Ədəbul-Mufrad, 230).
Uca Allah buyurur: “...və aləmlərdən heç kəsə vermədiyini sizə verdi”, yəni sizin dövrünüzdə yaşayan insanlara vermədiyini sizə verdi. Yəhudilər öz dövrlərində yaşayan insanlardan – yunanlardan, misirlilərdən və Adəm övladlarının digər millətlərindən ən şərəfliləri idilər. Uca Allah başqa bir ayədə belə buyurur: “Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik”. (“əl-Casiyə”, 16). Başqa bir ayədə Musa barədə danışarkən belə buyurur: “Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”. Musa dedi: “Allah sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu axtaracağam?” (“əl-Əraf”, 138-140).
Ayədə nəzərdə tutulan məna budur ki, İsrail oğulları öz dövrlərində yaşayan ən üstün insanlar idilər. İslam ümməti isə onlardan daha üstün və Allah dərgahında daha fəzilətlidir. İslam ümməti daha kamil şəriətə, daha doğru yola, daha şərəfli Peyğəmbərə, daha çox sərvətə, ruziyə, mala, övlada, daha geniş məmləkətlərə və daha davamlı izzətə sahibdir. Necə ki Uca Allah bu ümmət üçün “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz” (“Ali-İmran”, 110) buyurur. Həmçinin buyurur: “Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə, Biz sizi orta bir ümmət etdik” (“əl-Bəqərə”, 143). Bu ümmətin fəziləti, şərəfi və Allah dərgahında üstünlüyü barədə “Ali-İmran” surəsindəki “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz” (“Ali-İmran”, 110) ayəsini təfsir edərkən danışmışıq və bu barədə rəvayət olunan çoxsaylı hədisləri qeyd etmişik.
Sonra Uca Allah Musanın (ona salam olsun) İsrail oğullarını cihada təşviq edib, onlara ataları Yaqubun dövründə sahib olduqları Beytül-Məqdisə girməyi əmr etdiyini bildirir. Yusufun dövründə Yaqub oğulları və ailəsi ilə birlikdə Beytül-Məqdisdən çıxaraq Misirə gəldilər və Musa ilə birgə Misirdən çıxana qədər burada qaldılar. İsrail oğulları Musa ilə birlikdə Misiri tərk etdikdə, çox qüvvətli olan Əməliq qövmünün Beytül-Məqdisi işğal etdiyini və oranı öz hökmü altına aldığını gördülər. Allahın Elçisi Musa (ona salam olsun) İsrail oğullarına Beytül-Məqdisə girməyi, düşmənləri ilə döyüşməyi əmr etdi və onları düşmənlərinin üzərində qələbə çalmaqla müjdələdi. Onlar isə bu əmrdən boyun qaçırıb Musaya asi oldular və ona qarşı çıxdılar. Uca Allah da onları çaşqın halda qırx il boyunca səhrada hara yönələcəklərini bilmədən, gəzib-dolaşmaqla cəzalandırdı. Bu cəza, Allahın əmrini yerinə yetirməkdən boyun qaçırmalarına görə idi. Uca Allah Musanın dilindən xəbər verərək buyurur: “Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun”, yəni pak torpağa daxil olun. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Müqəddəs torpaq Sinay dağı və onun ətrafıdır”. Mucahid və başqaları da belə demişlər. İbn Abbasdan nəql olunan başqa bir rəvayətə görə isə müqəddəs torpaq Əriha şəhəridir. Bir çox təfsir alimləri də belə demişlər. Lakin bu rəy şübhəlidir, çünki fəth olunması nəzərdə tutulan şəhər Əriha deyildi. Həmçinin bu şəhər Misirdən Beytül-Məqdisə gedən yolun üzərində deyildi. Uca Allah Misirdə İsrail oğullarının düşməni olan Fironu öldürdükdən sonra onlar Beytül-Məqdisə tərəf getdilər. Lakin, ola bilsin, Əriha dedikdə, Beytül-Məqdisin şərqində yerləşən məşhur şəhər deyil, Beytül-Məqdisin özü nəzərdə tutulsun. İbn Cərir əs-Suddinin belə dediyini rəvayət etmişdir.
Uca Allah buyurur: “Allahın sizin üçün müəyyən etdiyi”, yəni Allah sizə atanız İsrailin (Yaqubun) dili ilə vəd vermişdir ki, Beytül-Məqdisə sizdən iman gətirənlər varis olacaqlar, “və geri dönməyin”, yəni cihaddan qaçmayın, “yoxsa ziyana uğrayaraq geri dönərsiniz. Onlar dedilər: “Ey Musa! Orada çox qüvvətli adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”, yəni onlar Musaya üzrxahlıq edərək dedilər: “Bizə daxil olub, əhalisi ilə döyüşməyi əmr etdiyin bu diyarda çox güclü, yəni nəhəng cüssəli, qüvvətli bir qövm var. Biz onlarla mübarizə apara bilmərik və nə qədər ki onlar oradadırlar, bizim ora daxil olmağımız mümkün deyil. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq. Əks halda, bizim onlarla döyüşməyə gücümüz çatmaz”.
Bir çox təfsir alimləri bu ayənin təfsirində bu qövmün nəhəngliyi barədə İsrail oğullarından rəvayət edilən xəbərləri qeyd etmişlər. Bu rəvayətlərdə bildirilir ki, bu nəhəng insanlardan biri də Adəmin qızının oğlu Əuc ibn Ənəq adlı şəxs idi və onun boyunun uzunluğu üç min üç yüz otuz üç dirsəkdən bir az artıq olmuşdur. Əslində, belə şeylərin deyilməsi ayıbdır. Həmçinin bu, əl-Buxari və Muslimin “Səhih” əsərlərində varid olan bu hədisə ziddir. Peyğəmbər ﷺ demişdir: “Allah Adəmi yaratdıqda onun boyunun uzunluğu altmış dirsək idi. İndiyə qədər insanların xilqəti naqisləşməkdədir”. (Əhməd (8165) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisi İbn Kəsir dediyi kimi, əl-Buxari və Muslim də rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 3079, 3326). Sonra təfsir alimləri bu kişinin (Əuc ibn Ənəq) kafir olduğunu, fahişə bir qadının uşağı olduğunu, Nuhun (ona salam olsun) gəmisinə minməkdən imtina etdiyini və tufanın onun dizlərinə çatmadığını qeyd edirlər. Bütün bunlar yalan və böhtandır, çünki Uca Allah Quranda Nuhun yer üzünün bütün kafirlərdən təmizlənməsi üçün Allaha dua edərək: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!” (“Nuh”, 26) dediyini bildirir. Başqa bir ayədə Uca Allah buyurur: “Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik. Yerdə qalanları isə suya qərq etdik” (“əş-Şuəra”, 119-120). Həmçinin buyurur: “Nuh (oğluna) dedi: “Bu gün Allahın rəhm etdiklərindən başqa, heç kəs Onun əmrindən qoruna bilməz!” (“Hud”, 43) Əgər Nuhun kafir oğlu tufanda boğulmuşsa, kafir və zinadan doğulan Əuc ibn Ənəq necə sağ qala bilər? Bu nə məntiqlə, nə də şəriətlə mümkündür. Həmçinin Əuc ibn Ənəq adlı bir insanın mövcudluğu özü şübhəlidir. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Allahdan qorxanlar arasından Allahın nemət verdiyi iki kişi dedi...”, yəni İsrail oğulları Allaha və Onun elçisi Musaya tabe olmaqdan boyun qaçırdıqda, Allah tərəfindən böyük nemət verilmiş, Allahın əmrinə asi olmaqdan qorxan və əzabından çəkinən iki kişi İsrail oğullarını döyüşə həvəsləndirdi. Bəzi qarilər bu ayəni belə oxumuşlar: مِنَ الَّذِينَ يُخَافُونَ [minəlləzi:nə yuxa:fu:nə] “insanların qorxub çəkindiyi iki kişi dedi”, yəni insanlar arasında zəhmi və hörməti olan iki kişi dedi. (Bu qiraət “şəz”dir (müxalif qiraətdir) və on dörd mötəbər qiraətdən deyil. Bu qiraəti ət-Tabəri (11675) rəvayət etmiş və doğru olmadığını bildirmişdir. Sonra o, qiraət alimlərinin yekdil rəyinə görə, digər qiraəti təsdiqləmişdir. (Əhməd Şakir).
Bu iki kişi dedi: “Onların üzərinə şəhər qapısından daxil olun. Əgər siz oradan daxil olsanız, mütləq qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”, yəni nə vaxt ki siz Allaha təvəkkül edib Onun əmrinə itaət edəcəksiniz və Elçisinə tabe olacaqsınız, o zaman Allah sizi düşmənlərinizin üzərində qalib edər, sizə yardım edər və zəfər nəsib edər. Siz də Allahın sizin üçün müəyyən etdiyi şəhərə daxil olarsınız. Lakin bu söz onlara təsir etmədi və əvəzində dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə onlara qarşı vuruş. Biz isə burada oturacağıq”. Bu söz, onların cihaddan qaçmalarına, peyğəmbərlərinə qarşı çıxmalarına və düşmənlə döyüşməkdən imtina etmələrinə dəlalət edir.
Bədr döyüşü günü Peyğəmbər ﷺ öz səhabələri ilə Əbu Sufyanın karvanını qorumaq üçün gələn kafirlərə qarşı döyüşmək məsələsində müşavirə edərkən səhabələrin ona verdiyi cavab necə də gözəldir! Karvanı ələ keçirmək fürsəti səhabələrin əlindən çıxdıqda, karvanı qorumaq üçün gələn düşmən dəstəsi yaxınlaşmağa başlayır, onların sayı doqquz yüz ilə min nəfər arası idi. Hamısı da silahlı və döyüşə yaxşı hazırlıqlı idilər. Bu ərəfədə Əbu Bəkr (Allah ondan razı olsun) qalxıb danışdı və gözəl sözlər dedi. Sonra digər mühacirlər qalxıb öz sözlərini dedilər. Peyğəmbər ﷺ isə deyirdi: “Ey müsəlmanlar, mənə məsləhət verin”. Peyğəmbər ﷺ ənsarların (Mədinə əhalisinin) fikrini öyrənmək üçün belə deyirdi. Çünki həmin gün müsəlmanların əksəriyyəti ənsarlardan ibarət idi. Bu zaman Sad ibn Muaz (Allah ondan razı olsun) dedi: “Ey Allahın Elçisi, sanki belə deməklə, bizə (ənsarlara) eyham edirsən. Səni haqq olaraq göndərən Allaha and olsun ki, əgər sən bizi dənizin üstünə göndərsən və özün qarşımızda dənizə baş vursan, biz də bir nəfər kimi səninlə birlikdə dənizə baş vurarıq. İçimizdən heç kəs geriyə qalmaz. Biz sabah düşmənimizlə qarşılaşmaqdan qorxmuruq, çünki biz, döyüşdə səbirli, düşmənlə qarşılaşdıqda sədaqətli insanlarıq. Ümid edirik ki, Allah sənə bizim sadiqliyimizi göstərəcək. Allahın bərəkəti ilə bizi düşmənin üzərinə apar”. Peyğəmbər ﷺ Sadın bu sözünə sevindi və bu, onu daha da gümrah etdi. (Bax: İbn Kəsirin “Tarix” əsəri (3/362). (Əhməd Şakir).
İbn Mərdəveyh Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Bədr döyüşü ərəfəsində müsəlmanlarla məşvərət etdi. Əvvəl Ömər ona öz fikirini bildirdi. Sonra bütün səhabələri ilə məşvərət etdi. Ənsarlar dedilər: “Ey ənsarlar, Peyğəmbər ﷺ sizi məşvərət etməyə çağırır”. Onlar dedilər: “Elə isə biz, İsrail oğullarının Musaya dedikləri kimi, “Odur ki, sən get Rəbbinlə birlikdə onlara qarşı vuruş. Biz isə burada oturacağıq” deməyəcəyik. Səni haqq olaraq göndərən Allaha and olsun ki, əgər Bərk əl-Ğimədə (Məkkəyə yaxın yer adı) gedəsi olsan belə, sənin arxanca gedərik”. Hədisi İmam Əhməd, ən-Nəsəi və İbn Hibban da rəvayət etmişlər. (Əhməd (12047, 12986, 13330, 13739). Hədisi İbn Kəsir “Tarix” əsərində Əhmədin (12986) rəvayəti ilə qeyd etmiş, sonra demişdir: “Bu üçtəbəqəli isnad, “Səhih” əsərinin şərtinə görə səhihdir”. (Əhməd Şakir). əl-Bəzzər, 6561; İbn Hibban, 4722; əl-Hakim, 5104; ən-Nəsəi “Sunənul-Kubra” 8348, 8527. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5871).
O gün (Bədr döyüşü günü) gözəl cavab verənlərdən biri də əl-Miqdəd ibn Amr əl-Kindi (Allah ondan razı olsun) olmuşdur. İmam Əhməd rəvayət etmişdir ki, Bədr döyüşü günü Peyğəmbər ﷺ müşriklərə bəddua edərkən əl-Miqdəd onun yanına gələrək belə dedi: “Ey Allahın Elçisi, biz İsrail oğullarının Musaya dedikləri kimi, “Odur ki, sən get Rəbbinlə birlikdə onlara qarşı vuruş. Biz isə burada oturacağıq” deməyəcəyik. Əksinə, biz sənin sağında, solunda, qarşında və arxanda döyüşəcəyik”. Onun bu sözündən sonra Peyğəmbərin ﷺ üzü işıqlandı və sevindi”. Hədisi əl-Buxari də rəvayət etmişdir. (Əhməd (3698, 4070, 4376); əl-Buxari (7/223-224, 8/205 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 3658, 3952).
Uca Allah buyurur: “O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır”, yəni İsrail oğulları döyüşdən boyun qaçırdıqda, Musa qəzəbləndi və onlara bəddua edərək dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm”, yəni Allahın əmrini yerinə yetirməkdə onlardan heç biri mənə itaət etmir və dəvətimi məndən və qardaşım Harundan başqa heç kim qəbul etmir. “Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!” İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, mənimlə onlar arasında hökm ver”. Başqa bir rəvayətdə isə “Yəni, onları bizdən ayır” deyilmişdir.
Uca Allah buyurur: “Allah dedi: “Elə isə o yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzib dolaşacaqlar”. İsrail oğulları cihaddan üz çevirdikləri üçün Musa onlara bəddua etdi və Allah hökm verərək onların qırx il oraya girmələrini qadağan etdi. Onlar səhrada bir çıxış yolu tapmadan qırx il sərgərdan gəzib dolaşdılar və bu ərəfədə (müddətdə) çox qəribə hadisələr, böyük möcüzələr baş verdi. Allah onları buludla kölgələndirdi, onlara manna və bildirçin əti göndərdi. Bərk daşdan axar su çıxartdı. Onlar bu daşı özləri ilə miniklərində getdikləri yerə daşıyırdılar. Suya ehtiyac duyduqda Musa əsasıyla daşa vururdu və daşdan on iki çeşmə fışqırırdı, hər qəbilə bir çeşmədən su içirdi. Uca Allah İsrail oğullarına İmran oğlu Musanın peyğəmbərliyini təsdiq edən buna bənzər bir çox möcüzələr göstərdi. Tövrat da məhz bu ərəfədə nazil oldu və Uca Allah onlara şəriət qanunlarını buyurdu.
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) bu ayə barədə belə dediyini rəvayət etmişdir: “Onlar qırx il səhrada azaraq dolaşdılar. Yaşı qırxı keçənlərlə birlikdə Musa və Harun da səhrada vəfat etdilər. Qırx il başa çatdıqda Musadan sonra Yuşa ibn Nun onun yolunu davam etdirdi. O, İsrail oğullarını cihada həvəsləndirdi və beləliklə, Beytül-Məqdisi fəth etdi. Ona “Bu gün cümə günüdür” deyildi. Belə ki, onlar Beytül-Məqdisi fəth etmək üzrə olarkən Günəş batmağa yaxınlaşırdı. Yuşa ibn Nun (şənbə günü döyüşmək haram olduğu üçün) şənbə gecəsinin daxil olmasından narahat olaraq Günəşə: “Mən də Allahın əmrindəyəm, sən də. (Allahım, bizim üçün Günəşi saxla!)”– deyə müraciət etdi. Bundan sonra Günəş dayandı və Yuşa ibn Nun Beytül-Məqdisi fəth edənə qədər batmadı. Yuşa ibn Nun Beytül-Məqdisi fəth etdikdə, orada misli görülməmiş mal-dövlət ələ keçirdi. Onlar ələ keçirdikləri mal-dövləti bir yerə topladılar ki, göydən nazil olan od onu yandırsın, lakin od nazil olmadı. (Əvvəlki ümmətlərə qənimətdən bir şey götürmək halal deyildi. Bu səbəbdən onlar döyüşlərdə qənimət ələ keçirdikdə, onu bir yerə toplayar, sonra da Allah göydən od nazil edib həmin qənimətləri yandırardı. Bu da onu bildirirdi ki, artıq onların Allah yolunda verdiyi qurbanlar qəbul edilmiş və qənimətlərdən heç bir şey mənimsənilməmişdir. Bizim ümmətə isə Allahın lütfü olaraq qənimətlər halal edilmişdir. Peyğəmbər ﷺ demişdir: “Mənə beş xislət verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: “Bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak (təyəmmüm etmək üçün vasitə) və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs vaxtı girmiş namazı istənilən yerdə qıla bilər; qənimətlərin mənə halal olması, belə ki, bu, məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; Qiyamət günü tərifəlayiq məqamda şəfaət verməyim; və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm” (əl-Buxari, 335). Bu zaman Yuşa ibn Nun: “İçinizdən qənimətə xəyanət edənlər var”– dedi və qəbilə başçılarını yanına çağırdı. Onlar on iki nəfər idilər. Onlardan ona beyət etmələrini (əllərini uzadaraq sədaqət andı içmələrini) istədi. Bir kişinin əli onun əlinə yapışdı. Yuşa ibn Nun dedi: “Oğurlanan mal səndədir, onu üzə çıxar”. Kişi qızıldan bir buzov başı çıxardı. Bu başın yaqutdan gözləri, incidən dişləri vardı. Yuşa toplanmış qənimətlərə onu da əlavə etdi. Bu zaman göydən od enib hamısını yandırdı”. “Səhih” əsərində bu hədisi təsdiqləyən bir rəvayət vardır. (əl-Buxari, 2892, 3124.; əl-Fəzari “əs-Sira” 484).
Uca Allahın “Sən isə günahkar tayfa üçün heyifsilənmə” sözü Musaya təsəlli vermək üçündür. Yəni, Mənim onlar barədə verdiyim hökmə görə kədərlənib özünü üzmə. Onlar buna layiqdirlər.
Bu hekayə yəhudilərin xəbisliklərindən, Allaha və Onun Elçisinə qarşı çıxmalarından, Allahın və Elçisinin onlara əmr etdiyi cihaddan boyun qaçıraraq düşmənə qarşı dözümlülük və mübarizlik nümayiş etdirmədiklərindən bəhs edir. Halbuki Allahın vasitəsiz olaraq danışdığı, öz dövrünün insanlarından seçərək üstün etdiyi elçisi Musa onların yanında idi. Musa (ona salam olsun) Allahın onlara kömək edəcəyini və düşmənləri üzərində qələbə çalacaqlarını vəd edirdi. Daha əvvəl isə onlar düşmənləri Firona Allahın necə əzab verdiyinin, onu və əsgərlərini dənizdə boğmaqla necə cəzalandırdığının şahidi olmuşdular və şəxsən bunu görmüşdülər. Gözlərinin qarşısında cərəyan edən bu hadisənin üzərindən heç də çox vaxt keçməmişdi. İndi isə döyüş hazırlığı və say baxımından Misir ordusunun onda birinə bərabər olmayan bir ölkə əhalisi ilə döyüşməkdən qaçdılar. Beləliklə, onların çirkin davranışı hamıya aydın oldu, heç bir gecənin örtə bilməyəcəyi, heç bir nəslin gizlədə bilməyəcəyi xəbislikləri ortaya çıxdı. Onlar cəhalətləri içində sərgərdan dolaşırlar, azğınlıqları içində tərəddüd edirlər. Onlar Allahın nifrət bəslədiyi düşmənləri olduğu halda, “Biz Allahın oğulları və sevimliləriyik” (“əl-Maidə”, 18) deyirlər. Allah onların üzlərini çirkinləşdirərək içərilərindən bir qismini donuzlara, bir qismini isə meymunlara çevirdi və onları yandırıcı oda salacaq lənətə düçar etdi. Onlar orada əbədi qalacaqlar. Allaha həmd olsun.
əl-Maidə, 27-31
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ * لَئِنْ بَسَطْتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ * إِنِّي أُرِيدُ أَنْ تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاءُ الظَّالِمِينَ * فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ * فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءَةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءَةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
27. Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olunmayan qardaş öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah saleh əməlləri ancaq müttəqilərdən qəbul edər!
28. Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
29. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur”.
30. Nəhayət, nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o onu öldürdü, beləliklə də, ziyana uğrayanlardan oldu.
31. Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
Uca Allah bu ayələrdə Adəmin (ona salam olsun) belindən gələn iki oğlunun hekayəsini izah edərək azğınlığın, həsədin və zülmün dəhşətli aqibətini bildirir. Əksər alimlərin rəyinə görə, Adəmin bu iki oğlu Habil və Qabildir. (Ayədə qeyd edilən iki qardaşın Adəmin öz belindən gələn iki oğlu olması doğrudur və bunu Quran ayəsinin zahiri mənası ilə səhih hədislər təsdiqləyir. Bu iki qardaşın adlarının Habil və Qabil olmasına gəlincə, bu təfsir alimlərin Kitab əhlindən nəql etdikləridir. Bildiyimizə görə, nə Quranda, nə də səhih hədislərdə bu barədə bir məlumat yoxdur. Bu məsələdə bizim üzərimizə düşən, bu məlumatı qəti şəkildə təsdiqləməmək və bu rəyi üstün görməməkdir. Bu, sadəcə, təfsir alimlərinin nəql etdikləri bir sözdür. (Əhməd Şakir). Qardaşlardan biri (Qabil) digərinə (Habilə) hücum edərək onu haqsız yerə öldürmüşdür. Buna səbəb isə Allahın digərinə lütf etdiyi nemətə, yəni xalis Allah üçün verdiyi qurbanın qəbul olunmasına həsəd aparması olmuşdur. Beləcə, öldürülən günahları bağışlanmış halda, Cənnətə girməklə nicat tapmış, qatil isə etdiyi əməllə dünya və Axirətdə ziyana uğramışdır. Uca Allah buyurur: “Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış”, yəni başqalarına qarşı həddi aşan və həsəd aparan yəhudilərə və onlara bənzəyənlərə Adəmin iki oğlunun hekayəsini söylə. Bir çox sələf və xələf alimləri Adəmin bu iki oğlunun Habil və Qabil olduğunu qeyd etmişlər.
Uca Allah buyurur: “...gerçək olaraq”, yəni yalana yol vermədən, uydurmadan, dəyişmədən, artırıb azaltmadan, açıq-aşkar olduğu kimi bildir. Uca Allah bu sözü eyni mənada işlədərək buyurur: “Həqiqətən, bu, gerçək bir əhvalatdır” (“Ali-İmran”, 62); “Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik” (“əl-Kəhf”, 13); “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!” (“Məryəm”, 34).
Bir çox sələf və xələf alimlərinin qeyd etdiklərinə görə, Habil ilə Qabilin hekayəsi belə olmuşdur: Uca Allah zərurət olduğu üçün (nəslin artması zərurəti) Adəmə qızlarını öz oğlanları ilə evləndirməsini əmr etmişdi. Deyilənə görə, Adəmin övladları oğlan və qız olmaqla, əkiz doğulurdu. Bir əkiztaydan olan qız, digər əkiztaydan olan oğlanla evləndirilirdi. Habilin əkiztay bacısı çirkin, Qabilin əkiztay bacısı isə gözəl idi. Qabil evlənmək üçün öz əkiztay bacısını seçmək istəyirdi, lakin Adəm buna icazə vermədi və bildirdi ki, onların hər biri Allaha bir qurban verməlidir, kimin qurbanı qəbul olarsa, o da Qabilin bacısı ilə evlənəcək. Habil və Qabil öz qurbanlarını verdilər. Habilin qurbanı qəbul oldu, Qabilin qurbanı isə qəbul olmadı və nəticə Allahın Kitabında (Quranda) xəbər verildiyi kimi oldu. (Bu hadisə Kitab əhlinin danışdığı hekayələrdən biridir. Quran və hədislərdə bunu təsdiqləyəcək dəlil yoxdur. Burada İbn Kəsir təfsir alimlərinin kitablarında bu mənada çox yer almış hekayələr nəql etmişdir. Biz isə bu rəvayətlərdən yalnız isnad baxımından ən yaxşı olanları saxladıq, yerdə qalanlarını sildik. Bu hekayələri qəbul olunan səhih rəvayət kimi deyil, nümunə üçün saxladıq. (Əhməd Şakir).
İbn Əbu Hatim İbn Xuseymin belə dediyini rəvayət edir: “Bir dəfə Səid ibn Cubeyrlə birlikdə idim və o, mənə danışdı ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Uca Allah Adəmin oğlanlarına öz əkiztay bacıları ilə evlənməyi qadağan etmişdi. Hər oğlana onunla əkiztay olmayan bacısı ilə evlənməyi əmr etmişdi. Adəmin övladları biri oğlan, digəri qız olmaqla, əkiz doğulurdular. Bu arada əkiz cütlüklərin birində çox gözəl bir qız uşağı dünyaya gəldi. Digər bir cütlükdə isə çox çirkin bir qız uşağı doğuldu. Çirkin qızın əkiz qardaşı gözəl qızın əkiz qardaşına dedi: “Sən əkiz bacını mənə ərə ver. Mən də əkiz bacımı sənə ərə verim”. O: “Xeyr, mənim öz əkiz bacımla evlənməyə səndən daha çox haqqım çatır”– dedi. İş o yerə gəlib çatdı ki, (kimin daha çox haqlı olduğunu aydın etmək üçün) hər ikisi qurban kəsməli oldular. Çoban olan qardaşın verdiyi qoç qurbanı qəbul edildi, əkinlə məşğul olan qardaşın yığdığı məhsuldan verdiyi qurban isə qəbul edilmədi. Bu səbəbdən o, qardaşını öldürdü”. Bu hədisin isnadı yaxşıdır. (ət-Tabəri (11751). İsnadı yaxşıdır. Göründüyü kimi, bu rəvayət hədis deyil, çox güman ki, İbn Abbas bunu Kitab əhlinin kitablarından nəql etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 11808).
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Adəmin dövründə sədəqə verməyə bir kasıb olmadığı üçün insanlar qurban verərdilər. Bir dəfə Adəmin iki oğlu oturmuşdu və birdən onlar: “Bəlkə Allaha qurban verək?”– dedilər. Allah qurban verən insanın qurbanını qəbul etdikdə, onun üzərinə göydən bir od göndərərdi və bu od qurbanı yandırardı. Allah qurbanı qəbul etmədikdə isə od sönərdi. Adəmin hər iki oğlu qurban verdi. Onlardan biri çoban, digəri isə əkinçi idi. Çoban olan oğul qoyunlarından ən kökünü və ən gözəlini seçib qurban verdi. Əkinçi isə becərdiyi məhsulun bir hissəsini qurban verdi. Bu iki qurban arasına göydən od nazil oldu. Bu od qoyunu yandırdı, məhsula isə dəymədi. Qurbanı qəbul olunmayan qardaş qurbanı qəbul olunana dedi: “Sən insanların yanına gedib öz qurbanının qəbul olunduğunu, mənim qurbanımın isə rədd edildiyini söyləyəcəksən? Xeyr, Allaha and olsun ki, insanların sənə və mənə baxıb sənin məndən daha xeyirli olduğunu demələrinə izin verməyəcəm. Odur ki, səni öldürəcəyəm”. Qurbanı qəbul olan qardaş dedi: “Axı mənim günahım nədir? Allah qurbanı yalnız müttəqilərdən qəbul edər”. Bu hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 11706, 11763). Bu rəvayət göstərir ki, Adəmin iki oğlunun qurban verməsi səbəbsiz olmuşdur, əvvəlki rəvayətlərdə qeyd olunduğu kimi, bir qadına görə olmamışdır. Quran ayəsinin zahiri mənasından aydın olan da budur: “O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olunmayan qardaş öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah saleh əməlləri ancaq müttəqilərdən qəbul edər!” Ayənin məzmunundan görünən budur ki, qardaşlardan birinin digərinə qəzəblənərək ona həsəd aparmasının səbəbi qurbanının qəbul edilməməsi olmuşdur.
Uca Allah buyurur: “Allah saleh əməlləri ancaq müttəqilərdən qəbul edər!”, yəni etdikləri əməllərində Allahdan qorxanlardan qəbul edər. İbn Əbu Hatim Əbu Dərdənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın məndən bir namazı qəbul etdiyini yəqin bilsəydim, bu mənə dünyada olan hər şeydən daha sevimli olardı. Çünki Uca Allah: “Allah saleh əməlləri ancaq müttəqilərdən qəbul edər!”– deyə buyurur”. (əs-Suyuti “Durrul-Mənsur” 5/262).
Təqvalı olduğu üçün Allah tərəfindən qurbanı qəbul edilmiş əməlisaleh qardaş, günahsız yerə onu ölümlə hədələyən qardaşına belə deyir: “Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”. Yəni, sənin etdiyin pis əmələ pisliklə qarşılıq vermərəm, çünki, əgər sənin etdiyin pisliyə pisliklə qarşılıq versəm, hər ikimiz günahkar olarıq. “Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”, yəni Allahdan qorxduğum üçün sənin etmək istədiyin əməli etmərəm. Əksinə, səbir edib mükafatını Allahdan umaram. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Peyğəmbərin ﷺ belə dediyi rəvayət edilir: “İki müsəlman qılınclarını çəkib üz-üzə gələrsə, öldürən də, öldürülən də Cəhənnəmə girər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Öldürən aydındır. Bəs öldürülən niyə?” Dedi: “Çünki o, qardaşını öldürməyə həris idi”. (əl-Buxari (31); Muslim (2/362), hər ikisi Əbu Bəkradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 6556, 7083; Muslim, 5139, 7434).
İmam Əhməd Osmanın (Allah ondan razı olsun) qətl edildiyi fitnə ərəfəsində Sad ibn Əbu Vəqqasın belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyinə şahidlik edirəm: “Məndən sonra fitnələr baş verəcək. Bu fitnələrdə oturan ayaq üstə dayanandan daha xeyirli olacaq. Ayaq üstə dayanan gəzəndən daha xeyirli olacaq. Gəzən qaçandan daha xeyirli olacaq”. Mən soruşdum: “Əgər kimsə evimə girib məni öldürmək üçün əlini qaldırsa, onda mən nə edim?” Peyğəmbər ﷺ: “Adəmin oğlu kimi ol!”– deyə cavab verdi”. (Əhməd ,1609; ət-Tirmizi, 2194, 2354. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2431). Həmçinin hədisi ət-Tirmizi rəvayət etmiş və “Bu, həsən hədisdir” demişdir. Əbu Davud da oxşar hədisi rəvayət etmişdir. Lakin Əbu Davudun rəvayətinin sonunda belə deyilir: “Mən soruşdum: “Əgər kimsə evimə girib məni öldürmək üçün əlini qaldırsa, onda mən nə edim?” Peyğəmbər ﷺ: “Adəmin oğlu kimi ol”– deyə cavab verdi”. Sonra hədisi rəvayət edən Yəzid bu ayəni oxudu: “Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”. (Əhməd (1609); ət-Tirmizi (3/220); Əbu Davud (4257). (Əhməd Şakir). Əbu Davud, 4259. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 8/104). Əyyub əs-Səxtəyəni (Əyyub ibn Keysən əl-Ənəzi tanınmış tabiinlərdəndir. Hicri 68-ci ildə doğulmuşdur. əz-Zəhəbi onun barəsində demişdir: “Əyyub imam, hafiz, böyük alim və orta yaşlı tabiinlərdəndir. O, İbn Abbasın öldüyü ildə doğulmuşdur”. Əyyub hicri 131-ci ildə Bəsrə şəhərində 63 yaşında taun xəstəliyindən dünyasını dəyişmişdir). demişdir: “Bu ümmətdən bu ayəyə – “Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram” ilk əməl edən Osman ibn Əffan olmuşdur. Allah ondan razı olsun!” Bunu İbn Əbu Hatim rəvayət etmişdir.
İmam Əhməd Əbu Zərrin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ bir uzunqulağa minərək məni də tərkinə aldı və dedi: “Ey Əbu Zərr, insanlara şiddətli bir aclıq üz versə və sən (taqətsizlikdən) yatağından qalxıb məscidə gedə bilməsən, nə edərsən?” Əbu Zərr dedi: “Allah və Elçisi daha yaxşı bilər”. Peyğəmbər ﷺ dedi: “İffətli ol! (İnsanlardan istəmə!)” Sonra Peyğəmbər ﷺ soruşdu: “Ey Əbu Zərr, insanlara şiddətli bir ölüm gəlsə və qulun evi onun qəbri olsa, nə edərsən?” Əbu Zərr: “Allah və Elçisi daha yaxşı bilər”– deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Səbir elə!” Sonra sözünə davam edərək dedi: “Ey Əbu Zərr, əgər insanların bir-birlərini öldürdüyünü və Əhcər əz-Zeytin (Mədinədə yer adı) qanla dolduğunu görsən, nə edərsən?” Əbu Zərr: “Allah və Elçisi daha yaxşı bilər”– deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Evində otur və qapını kilidlə!” Əbu Zərr dedi: “Əgər evdə qalmağa məni rahat qoymasalar, onda nə edim?” Peyğəmbər ﷺ dedi: “Öz qəbilənin yanına get və onlarla birlikdə ol!” Əbu Zərr dedi: “Silahımı da götürüm?” Peyğəmbər ﷺ dedi: “Belə etsən, sən də onların etdiklərinə şərik olarsan. Lakin, əgər qılıncların parıltısı səni qorxutsa, bürüncəyinin bir tərəfi ilə üzünü bağla ki, səni öldürən həm öz günahını, həm də sənin günahını üzərinə götürsün”. Hədisi Muslim və ən-Nəsəidən başqa, digər “Sunən” əsərlərinin müəllifləri rəvayət etmişlər. (Əhməd (5/149 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 21325, 21363; İbn Hibban, 5960. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7819).
Uca Allah buyurur: “Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur”. İbn Abbas, Mucahid və başqaları demişlər: “Yəni, məni öldürməyin günahını və daha əvvəl etdiyin günahlarını öz üzərinə götürəsən”. İbn Cərir demişdir: “Bəzi alimlər ayənin mənası barədə demişlər: “Yəni, mən istəyirəm ki, sən həm mənim günahlarımı, həm də məni öldürməklə qazandığın günahı öz üzərinə götürəsən”. Bu rəyin Mucahiddən nəql edildiyinə rast gəldim, lakin bu, səhvdir. Çünki Mucahiddən nəql olunan rəvayətlər bunun əksinə dəlalət edir.
Mən deyirəm: “Bir çox insanlar bu rəyi düzgün başa düşməyərək bu mənada uydurma və əsli olmayan hədislər qeyd edirlər. Bu hədislərdən biri belədir: “Qatil öldürdüyü insanın üzərində günah saxlamaz”. Əbu Bəkr əl-Bəzzər buna oxşar bir hədis rəvayət etsə də, həmin hədis bu mənada deyil. Onun rəvayəti belədir: Aişə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Əziyyətli ölüm hansı günahın üzərindən keçərsə, onu silər”. (əl-Bəzzər, 41, 1545. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2016). Bu hədis səhih deyil. Səhih olsa belə, hədisin mənası belədir: “Allah əziyyət verilərək öldürülən insanın çəkdiyi ağrılara görə onun bütün günahlarını bağışlayacaq”. Öldürülən insanın günahlarının qatilə yüklənməsinə gəlincə, belə bir şey ola bilməz. Lakin bu xüsus, bəzi şəxslərdə baş verə bilər. Belə ki, məhşər günü öldürülən şəxs qatildən haqqını tələb edəcək və məruz qaldığı zülmün miqdarında qatilin yaxşı əməlləri alınaraq ona veriləcək. Əgər öldürülən şəxsin haqqı ödənmədən qatilin yaxşı əməlləri tükənərsə, öldürülən şəxsin günahları götürülərək qatilə yükləncək. Hətta, ola bilsin, öldürülən şəxsin bütün günahları qatilə yüklənsin. Bu mənada Peyğəmbərdən ﷺ səhih hədis rəvayət edilmişdir və bu hədis bütün zülmlərə aiddir. Ən böyük zülmlərdən biri də qətldir. Ən doğrusunu Allah bilir.
İbn Cərir isə demişdir: “Doğru olan, ayənin belə şərh edilməsidir: “Mən istəyirəm ki, sən məni öldürməklə mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən”. Uca Allahın “Mən istəyirəm ki, sən, həm mənim günahımı,... üzərinə götürəsən” sözünün mənası budur. Uca Allahın “...həm də öz günahını üzərinə götürəsən” sözünə gəlincə, bu, onun qətl günahından başqa, Uca Allaha asi olmaqla etdiyi günahlardır. Biz bu rəyin doğru olduğunu söyləyirik, çünki təfsir alimləri yekdilliklə bu rəydədirlər. Həmçinin Uca Allah hər əməl sahibinin qazandığı xeyrin onun lehinə, qazandığı şərin isə əleyhinə olduğunu bildirmişdir. Əgər Allahın, yaratdıqları arasındakı hökmü belədirsə, öldürülən şəxsin günahlarının qatilə yüklənməsi mümkün deyil. Qatil öldürülən şəxsin etdiyi günahlara görə deyil, yalnız Allahın haram etdiyi cana qıydığına görə və özü etdiyi digər asiliklərə görə cavabdehdir”. ət-Tabərinin dediyi budur. (ət-Tabəri (10/216-217). (Əhməd Şakir). Sonra İbn Cərir burada belə bir sual gətirmişdir: “Habil qardaşı Qabilin onu öldürməklə qazandığı günah ilə öz günahlarının daşımasını necə istəyə bilər? Halbuki onu öldürməsi haramdır”. ət-Tabəri bu suala özü cavab vermişdir. Cavabın xülasəsi belədir: “Habil özü barədə xəbər verərək, qardaşı onu öldürmüş olsa belə, əl saxlayaraq qardaşını öldürməyəcəyini bildirmişdir. Əgər ölüm hadisəsinin baş verməsi qaçılmazdırsa, bu qatilin özünün deyil, qardaşının olmasını seçmişdir”.
Mən deyirəm: “Habilin bu sözü qardaşına bir nəsihət və onu günahdan çəkindirmədir. Kaş ki qardaşı bu öyüdü qəbul edib, qətl törətməkdən çəkinərdi. Bu səbəbdən Habil “Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur” demişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Qardaşı onu Cəhənnəm əzabı ilə qorxutmuş, lakin o, qorxub bu əməldən çəkinməmişdir”.
Uca Allah buyurur: “Nəhayət, nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o, onu öldürdü”, yəni nəfsi ona qardaşını öldürməyi gözəl göstərdi və onu bu əmələ sövq etdi, o da qardaşının öyüd və nəsihətinə məhəl qoymadan onu öldürdü. “Beləliklə də, ziyana uğrayanlardan oldu”, yəni dünya və Axirətdə xəsarətə uğrayanlardan oldu. Bundan daha böyük bir ziyan varmı? İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Haqsız yerə qətlə yetirilən elə bir insan yoxdur ki, onun axıdılmış qanına görə qazanılmış günahdan ilk Adəm oğluna bir pay çatmış olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur”. Bu hədisi Əbu Davuddan başqa digər hədis kitablarının müəllifləri rəvayət etmişlər. (Əhməd (3630, 4092, 4123); əl-Buxari (6/262, 12/169, 13/256 Fəthul-Bari); ət-Tabəri (11738, 11739). (Əhməd Şakir). əl-Buxari, 3088, 3335; Muslim, 3177, 4473).
Uca Allah buyurur: “Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu”. Abdullah ibn Abbas (Allah ondan razı olsun) ayənin təfsirində demişdir: “Bir qarğa gəlib başqa bir ölmüş qarğanın üzərinə tam örtülənə qədər torpaq atdı. Bu vaxt qardaşını öldürən Qabil dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” (ət-Tabəri, 11758, 11815).
Uca Allah buyurur: “Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu”. əl-Həsən əl-Bəsri demişdir: “Uca Allah onu ziyana uğratdıqdan sonra peşman etməklə iztirabını artırdı”.
Yuxarıda qeyd etdiklərimiz, bu hekayə ilə əlaqəli təfsir alimlərinin dedikləridir. Quran və hədislərdə bildirildiyi kimi, təfsir alimlərinin hamısı bu iki qardaşın Adəmin belindən gələn iki oğlunun olmasında həmfikirdirlər. Necə ki əvvəl keçən hədisdə deyilir: “Haqsız yerə qətlə yetirilən elə bir insan yoxdur ki, onun axıdılmış qanına görə qazanılmış günahdan ilk Adəm oğluna bir pay çatmış olmasın”. Bu xüsus çox açıq və aydındır, lakin İbn Cərir əl-Həsən əl-Bəsridən belə bir rəvayət nəql etmişdir: “Uca Allahın “Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış” ayəsində nəzərdə tutulan bu iki şəxs İsrail oğullarındandır. Adəmin öz belindən gələn iki oğlu deyil. Qurbanı da İsrail oğulları vermişlər. İlk ölən insan Adəm olmuşdur”. Bu rəvayət həqiqətən, çox qəribədir. Həmçinin bu rəvayətin isnadı da şübhəlidir. (ət-Tabəri (11719) (10/208). İbn Cərir bu rəvayəti nəql etdikdən sonra bu rəvayətin doğru olmadığını bildirərək demişdir: “Allah qullarına faydası olmayan bir məlumatla müraciət etməkdən Uca və Pakdır. Müraciət olunanlar bilirlər ki, (sədəqə əvəzinə) qurban vermək yalnız Adəmin dövründə yaşayanlara buyurulmuşdur. Əgər burada söhbət İsrail oğullarından getsəydi, ayədə “Adəmin iki oğlunun” ifadəsində yeni bir fayda olmazdı”. Sonra İbn Cərir (səh. 219-220) bu rəvayəti bir daha rədd edərək demişdir: “Bu, səhv fikirdir, çünki Peyğəmbər ﷺ hədisdə qardaşını öldürən bu qatilin qətlin əsasını qoyduğunu bildirmişdir. Şəkk yoxdur ki, ölüm hadisələri İsraildən (Yaqubdan) əvvəl də baş vermişdir. Necə ola bilər ki, onun övladları arasında ilk olsun? Bu səbəbdən ilk qətl hadisəsinin İsrail oğullarında olmasını demək səhv fikirdir”. Sonra (səh. 224) Uca Allahın “Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi” ayəsini təfsir edərkən bu rəyi üçüncü dəfə rədd edərək demişdir: “Əgər ayədə zikr edilən iki nəfər İsrail oğullarından olsaydı, qardaşının cəsədini dəfn etmək ona bəlli olardı. Bu da göstərir ki, ayədə zikr edilən iki nəfər Adəmin belindən gələn iki oğlu olmuşdur və qardaşını öldürən qatil Allahın ölmüş insanlar barədə şəriət qanununu bilmədiyi üçün qardaşının cəsədini nə edəcəyini bilmirdi”. İbn Cəririn bu cavabı tutarlıdır. (Əhməd Şakir). ət-Tabəri, 11776).
əl-Maidə, 32-34
مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ * إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَنْ يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُمْ مِنْ خِلَافٍ أَوْ يُنْفَوْا مِنَ الْأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ * إِلَّا الَّذِينَ تَابُوا مِنْ قَبْلِ أَنْ تَقْدِرُوا عَلَيْهِمْ فَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
32. Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar. Peyğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bundan sonra da onların çoxu yer üzündə həddi aşdılar.
33. Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
34. Sizin əlinizə keçməmişdən öncə tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
Uca Allah buyurur: “Buna görə də”, yəni Adəmin oğlu öz qardaşını zülm və düşmənçilik edərək öldürdüyünə görə “İsrail oğullarına yazıb buyurduq ki”, yəni onlara şəriət hökmü qoyduq və bildirdik ki, “kim bir cana qəsd etməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar”, yəni kim qisasa layiq olmayan və ya yer üzündə fəsad törətməyən bir cana səbəbsiz yerə qıyarsa, cinayət etməyən bir şəxsin qanını halal görərsə, o, sanki bütün insanları öldürmüşdür. Çünki onun üçün bu canla başqa bir can arasında fərq yoxdur. “Kim də onu ölümdən xilas edərsə”, yəni kim bir insanı haqsız yerə öldürməyin haram olduğuna etiqad edərsə, bu etiqadına görə bütün insanlar onun tərəfindən əmin-amanlıq içində olar. Bu səbəbdən Uca Allah “...sanki bütün insanları xilas etmiş kimi olar” buyurur. Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Osman (xəvariclər tərəfindən) evində mühasirəyə alındığı gün, mən onun yanına daxil oldum və dedim: “Ey möminlərin əmiri, sənə yardım etmək üçün gəlmişəm. Belə bir vəziyyətdə döyüşmək gözəl olardı”. Osman dedi: “Ey Əbu Hureyra, sən, mən də daxil olmaqla, bütün insanlığı öldürməyə razı olarsanmı?” Mən: “Xeyr”– dedim. Osman dedi: “Əgər sən bir insanı öldürsən, sanki bütün insanları öldürmüş olarsan. Sənə icazə verirəm, çıx get. Niyyətinə görə günah deyil, savab qazandın”. Əbu Hureyra dedi: “Mən də döyüşməyib çıxıb getdim”. (İbn Kəsir bu hədisin mənbəyini bildirməmişdir. Hədisi İbn Sad “ət-Tabəqat” əsərində (3/1/48-49) rəvayət etmişdir. İsnadı olduqca səhihdir. Hədisi əs-Suyuti “əd-Durrul-Mənsur” (2/277) əsərində qeyd etmiş və yalnız İbn Sada nisbət etmişdir. (Əhməd Şakir). Səid ibn Mənsur, 2937).
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Kim bir cana qəsd etməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar” ayəsinin təfsirində demişdir: “Bütün insanları xilas etməsi Allahın öldürülməsini haram buyurduğu şəxsi öldürməməsidir. Beləcə, bütün insanları xilas etmiş olur”. (ət-Tabəri, 11781, 11839). Yəni, kim haqsız yerə bir cana qıymağı haram sayarsa, bütün insanlar ondan xilas olmuş olar. Səid ibn Cubeyr demişdir: “Kim bir müsəlmanın qanını axıtmağı halal sayarsa, sanki bütün insanların qanını axıtmağı halal saymışdır. Kim də bir müsəlmanın qanını axıtmağı haram sayarsa, sanki bütün insanların qanını axıtmağı haram saymışdır”.
İmam Əhməd Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Həmzə ibn Abdulmuttalib Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənə elə bir iş tapşır ki, bu işlə özümü təmin edim”. (Görünür, Həmzə (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ sədəqələrin ona tapşırılmasını və bunun müqabilində sədəqələrdən bir şey almaq istəyirdi. Peyğəmbər ﷺ də belə deməklə, onu bu işdən çəkindirdi, çünki Həmzə Bənu Haşim qəbiləsindən idi, sədəqələr isə Bənu Haşim qəbiləsinə haramdır. Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, bu sədəqələr insanların mallarının kirləridir. Muhəmmədə və onun ailəsinə sədəqə götürmək halal deyil”. (Muslim, 1072, 1784, 2531). Peyğəmbər ﷺ dedi: “Ey Həmzə, sənin üçün bir canı ölümdən xilas etmək daha yaxşıdır, yoxsa bir canı öldürmək?” Həmzə: “Əlbəttə, bir canı ölümdən xilas etmək”– deyə cavab verdi. Peyğəmbər ﷺ də ona: “Elə isə, özünü (həlak edəcək əməllərdən) qoru!”– dedi”. (Əhməd (6639). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Hədis zəifdir. Bax: Daif ət-Tərğib vat-Tərhib, 1313).
Uca Allah buyurur: “Peyğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər”, yəni peyğəmbərlərimiz onlara açıq-aydın möcüzələr gətirmişdilər. “Amma bundan sonra da onların çoxu yer üzündə həddi aşdılar”. Bu ayə ilə Uca Allah İsrail oğullarını haqqı bildikdən sonra yenə də haram işlərlə məşğul olduqlarına görə məzəmmət edir. Necə ki Mədinə ətrafında olan Bənu Qureyza, Bənu Nadir və Bənu Qaynuqa kimi yəhudi qəbilələri cahiliyyət dövründə Əus və Xazrəc qəbilələri arasında döyüş baş verdikdə, onlarla birlikdə döyüşərdilər. Döyüş bitdikdən sonra isə götürdükləri əsirləri sərbəst buraxar, ölənlərə görə isə fidyə verərdilər. Uca Allah da “əl-Bəqərə” surəsində onların bu əməllərini pisləyərək belə buyurur: “O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz. Bu əhddən sonra siz yenə də bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir” (“əl-Bəqərə”, 84-85). (Bu barədə daha ətraflı “əl-Bəqərə” surəsinin 84-85-ci ayələrinin təfsirinə bax. (Əhməd Şakir).
Uca Allah buyurur: “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. Ayədə savaşmaq dedikdə, qarşı çıxmaq və zidd hərəkətlər etmək nəzərdə tutulur. “Allaha və Onun rəsuluna qarşı savaşmaq” ifadəsi həm küfrü, həm də yol kəsib quldurluq etməyi bildirir. “Yer üzündə fitnə-fəsad törətmək” ifadəsi ilə də bir çox şər işlər nəzərdə tutulur. Aralarında Səid ibn Museyyibin də olduğu bir çox sələflər demişlər: “Dirhəm və dinarı kəsərək azaltmaq (kiçiltmək) yer üzündə fəsad törətməyin bir növüdür. (Burada meyar olaraq müəyyən olunmuş qızıl və ya gümüz sikkəni kəsərək çəkisini azaltmaq nəzərdə tutulur). Uca Allah buyurur: “O, dönüb getdikdə, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir” (“əl-Bəqərə”, 205).
Bəzi təfsir alimləri bu ayənin müşriklər barədə nazil olduğunu demişlər. İbn Cərir İkrimə və əl-Həsən əl-Bəsrinin belə dediklərini rəvayət etmişdir: “Bu ayə müşriklər barədə nazil olmuşdur. Onlardan kim əlinizə keçməmişdən əvvəl tövbə edərsə, ona toxunmayın. Bu ayə yer üzündə fitnə-fəsad törədən, Allaha və Elçisinə ﷺ qarşı savaşan, sonra ələ keçməmişdən əvvəl kafirlərə qoşulan müsəlmanı cəzadan qorumur. Bu ayə, tutulduğu an etdiyi əmələ görə üzərinə düşən cəzanın tətbiq olunmasına maneə deyil”. (ət-Tabəri (11806, 11872) hədisi əl-Həsən və İkrimədən rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 11864). Əbu Davud və ən-Nəsəi İkrimənin yolu ilə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Uca Allahın “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası...” ayəsi müşriklər barədə nazil olmuşdur. Onlardan kimsə ələ keçməmişdən əvvəl tövbə edərsə, bu tövbə etdiyi günaha görə onun üzərində olan cəzanın qarşısını almaz. (Əbu Davud (4372); ən-Nəsəi (2/169). Bu hədis əvvəl İkrimə və əl-Həsəndən rəvayət olunan hədislə eynidir, lakin əvvəlki hədisdə ət-Tabəri və ya ravilərdən biri hədisin isnadını qısaldaraq İbn Abbasa (Allah ondan razı olsun) nisbət etməmişdir. (Əhməd Şakir). Əbu Davud, 4374. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 8/93). Həmçinin rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: “Kitab əhlindən bir toplum Peyğəmbərlə ﷺ əhd-peyman bağlamışdı. Bir müddətdən sonra onlar bu əhdi pozaraq yer üzündə fitnə-fəsad törətməyə başladılar. Uca Allah da bu ayəni nazil etməklə, Peyğəmbərinə ﷺ istəsə onları öldürmək, istəsə əllərini və ayaqlarını çarpazvari kəsmək seçimi verdi”. (ət-Tabəri (11803). (Əhməd Şakir). ət-Tabəri, 11861; ət-Tabərani “Mucəmul-Kəbir” 13032. Hədisin isnadı zəifdir).
Doğru olan budur ki, bu ayə ümumi olub, həm müşriklərə, həm də bu cür cinayət törədən digərlərinə aiddir. Necə ki əl-Buxari və Muslim Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Ukəl qəbiləsindən səkkiz nəfər Peyğəmbərin ﷺ yanına gələrək ona beyət edib İslamı qəbul etdilər. Lakin Mədinənin havası onlara düşmədiyi üçün xəstələndilər və bu barədə Peyğəmbərə ﷺ şikayət etdilər. Peyğəmbər ﷺ onlara dedi: “Bəlkə, siz bizim çobanlarımızla birlikdə çıxıb dəvələrin südündən və sidiyindən (Bu dəlildir ki, əti yeyilən heyvanların sidiyi və peyini nəcis deyil. Peyğəmbərin ﷺ vida həccində Kəbəni öz dəvəsinin üstündə təvaf etməsi də buna dəlalət edir. Belə ki, əgər dəvənin sidiyi nəcis olsaydı, Peyğəmbər ﷺ onu məscidə buraxmazdı). içəsiniz?!” Onlar: “Yaxşı”– dedilər və çıxıb getdilər. Dəvənin sidiyindən və südündən içib sağaldılar. Gecə düşdükdə çobanı öldürüb dəvələri qaçırtdılar. Bu barədə Peyğəmbərə ﷺ xəbər verildikdə, Peyğəmbər ﷺ onları təqib etmək üçün bir dəstə göndərdi. Onları tutub Peyğəmbərin ﷺ yanına gətirdilər. Peyğəmbər ﷺ onların əllərinin və ayaqlarının kəsilməsini, gözlərinin isə çıxarılmasını əmr etdi. Sonra ölənə qədər günəşin altında qaldılar”. Hədisin mətni Muslimə aiddir. (Muslim (2/25-26); ət-Tabəri (11814). (Əhməd Şakir). Muslim, 3163, 4446; əl-Buxari, 6390, 6899).
əl-Buxarinin hədisində Əbu Qiləbə (Allah ondan razı olsun) belə demişdir: “Onlar dəvələri oğurlamış, çobanı öldürmüş, iman gətirdikdən sonra küfrə dönərək Allaha və Elçisinə ﷺ qarşı vuruşmuşlar”. (əl-Buxari (1/289-294 Fəthul-Bari). əl-Hafiz İbn Həcər burada hədisi geniş şərh etmişdir. əl-Buxari hədisi başqa yerlərdə də rəvayət etmişdir: (6/108, 7/352, 8/206, 12/99-100 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 226, 233). Muslim Suleyman ət-Teyminin vasitəsilə Ənəsin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Onlar çobanların gözlərini çıxartdıqları üçün Peyğəmbər ﷺ də onların gözlərinin çıxarılmasını əmr etmişdir”. (Muslim (2/26). (Əhməd Şakir). Muslim, 3164, 4453). Həmməd ibn Sələmə demişdir: “Qatədə, Sabit əl-Bunəni və Humeyd ət-Tavil bizə Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Ureynə qəbiləsindən olan bir dəstə Mədinəyə gəldi. Lakin (xəstə olduqları üçün) Mədinədə qalmaq istəmədilər. Peyğəmbər ﷺ onları zəkat dəvələri saxlanılan yerə göndərib dəvələrin sidiyindən və südündən içmələrini buyurdu. Onlar Peyğəmbərin ﷺ dediyini etdilər və sağaldılar. Sağaldıqdan sonra İslamdan döndülər və çobanı öldürərək dəvələri sürüb apardılar. Peyğəmbər ﷺ onların ardınca bir dəstə göndərdi və onları tutub gətirdilər. Cəza olaraq onların əlləri və ayaqları çarpazvari kəsildi, gözləri çıxarıldı və günəşin altına atıldılar”. Ənəs ibn Malik dedi: “Mən onlardan birinin susuzluqdan ağzı ilə yeri qazdığını gördüm. Nəhayət, onlar öldülər. Uca Allah da bu ayəni nazil etdi: “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası...”. (Əhməd, 14061, 14093; ət-Tirmizi, 72. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 177). Hədisi Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və İbn Mərdəveyh rəvayət etmişlər. Hədisin mətni İbn Mərdəveyhə aiddir. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. Əvvəl qeyd etdiyimiz kimi, Muslimin “Səhih” əsərində rəvayət olunur ki, onlar çobanların gözlərini çıxartmışdılar və Peyğəmbər ﷺ də qisas olaraq onların gözlərini çıxartdırdı. Ən doğrusunu Allah bilir. Ureynə qəbiləsindən olan insanların bu hekayəsi Cabir, Aişə və bir çox başqa səhabələrdən (Allah onlardan razı olsun) rəvayət edilir. Həmçinin əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh bu hədisin rəvayət olunan yollarını cəm etmişdir. Allah ona rəhmət eləsin və ona bu işin savabını yazsın.
Alimlər Peyğəmbərin ﷺ Ureynə qəbiləsindən olan bu insanlar barədə verdiyi hökmün (onların gözlərini çıxartdırmasını) sonradan ləğv olunub-olunmaması məsələsində fikir ayrılığına düşmüşlər. Bəzi alimlərə görə, Uca Allahın bu ayəsi (“əl-Maidə”, 33) bu hökmü ləğv etmişdir. Onlara görə bu ayə Peyğəmbəri ﷺ bu hökmə görə qınamışdır. Necə ki başqa bir ayədə Uca Allah Peyğəmbəri ﷺ qınayaraq buyurur: “Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları da tanımamış nə üçün onlara cihaddan yayınmağa izin verdin?” (“ət-Tövbə”, 43). Bir qrup alimlər isə Uca Allahın işgəncə verməyi Peyğəmbərə ﷺ qadağan etməsi ilə bu hökmün ləğv edildiyini demişlər, lakin bu rəyə bir daha baxmaq lazımdır. Həmçinin bu rəyi deyənlərdən tələb olunur ki, iddialarına görə hökmü ləğv edən dəlilin, hökmü ləğv olunmuş dəlildən sonra olduğunu sübut etsinlər. Bəzi alimlərə görə isə, bu ayə, hədlərlə (cəzalarla) əlaqəli hökmlər nazil olmamışdan əvvəl qüvvədə idi. Bu rəyi Muhəmməd ibn Sirin demişdir. Lakin bu rəyə də bir daha nəzər yetirmək lazımdır, çünki Ureynə qəbiləsinin hadisəsi gec baş vermişdir. Cərir ibn Abdullahdan (Allah ondan razı olsun) gələn rəvayət bu hadisənin gec baş verməsinə dəlalət edir. Belə ki, Cərir “əl-Maidə” surəsi nazil olduqdan sonra İslamı qəbul etmişdir. Bəzi alimlər isə demişlər: “Peyğəmbər ﷺ onların gözlərini çıxartdırmamışdır, sadəcə, çıxartdırmaq istəmişdir. Ayə nazil olub, Allah və Onun Elçisinə ﷺ qarşı savaşanların hökmü açıqlandıqdan sonra o, bunu etmədi”. Bu rəyi də bir daha nəzərdən keçirmək lazımdır, çünki əvvəl qeyd etdiyimiz əl-Buxari və Muslimin rəvayət etdikləri hədisdə Peyğəmbərin ﷺ onların gözlərini çıxartdırdığı bildirilir.
İbn Cərir demişdir: “Əli ibn Səhl əl-Valid ibn Muslimin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Leys ibn Sad ilə Peyğəmbərin ﷺ çobanı öldürüb dəvələri qaçıranlara cəza verərək onların gözlərini çıxartdırması, əlləri və ayaqları kəsilmiş halda ölənə qədər günəşin altında saxlaması barədə danışdıq. O dedi: “Muhəmməd ibn Aclandan eşitmişəm ki, bu ayə Peyğəmbəri ﷺ bu əmələ görə qınamaq üçün nazil olmuşdur. Uca Allah bu ayəni nazil etməklə, Peyğəmbərə ﷺ belə edənlərin cəzasının öldürmək, əl-ayaqlarını kəsmək və ya sürgün etmək olduğunu bildirmişdir. Peyğəmbər ﷺ bu hadisədən sonra bir daha heç kimin gözünü çıxartdırmadı”. Əli ibn Səhl dedi: “Bu söz Əbu Amr əl-Əuzaiyə çatdıqda, o, bu ayənin Peyğəmbəri ﷺ qınamaq üçün nazil olmasını rədd edərək belə dedi: “Əksinə, onların cəzası bu idi. Sonra ayə nazil olaraq onlardan başqa Allaha və Elçisinə ﷺ qarşı savaşanların cəzasını bildirdi və gözçıxarmanı ləğv etdi”. (ət-Tabəri (11818). (Əhməd Şakir).
Əksər alimlər bu ayənin ümumi mənasına əsaslanaraq həm şəhərlərdə, həm də yollarda quldurluq edənlərin cəzasının eyni olduğunu demişlər, çünki Uca Allah: “yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası...”– deyə buyurur. Malik, əl-Əuzai, Leys ibn Sad, əş-Şafii və Əhməd ibn Hənbəlin rəyi budur. Hətta İmam Malik demişdir: “Bir insanı tovlayıb evə gətirən, sonra onu öldürüb üstündə olan malını götürən kəs quldur sayılır və öldürülən şəxsin qisasının alınması ailəsinə deyil, hökmdara tapşırılır. Bu halda öldürülən şəxsin ailəsinin qatili bağışlaması etibarsız sayılır və qatilin üzərindən ölüm hökmünü qaldırmır”. (ət-Tabəri (11822) rəvayət etmişdir ki, əl-Valid ibn Muslim demişdir: “Malik ibn Ənəsdən soruşdum: “Quldurluq şəhərdə olurmu?” Malik dedi: “Bəli, bizə görə, müsəlmanlara qarşı silah gəzdirən kəs quldur sayılır: istər şəhərdə olsun, istər kənarda. Həm də bunu aralarında fitnə, şəxsi münasibət və ya düşmənçilik olmayan şəxsə qarşı etmiş olsun. Quldur, yolları kəsən, ölkələrdə insanlara təhlükə yaradan, silahı ilə əhalini qorxuya salan kəsdir. Əgər o, insan öldürmüşsə, hakim onu Allaha və Elçisinə ﷺ qarşı savaşan şəxs kimi tutub öldürür. Öldürülən şəxsin vəlisinin onu bağışlamağa və ya ondan qisas almağa haqqı çatmır”. (Əhməd Şakir). ət-Tabəri, 11818, 11876). Əbu Hənifə və onun davamçıları isə demişlər: “Quldurluq yollarda olur, şəhərlərdə isə quldurluq olmur. Çünki şəhərdə kömək istədikdə, köməyinə kimsə gələ bilər, yollarda kömək istədikdə isə uzaq olduğuna görə köməyinə gələcək adam tapmaq olmur”.
Uca Allah buyurur: “...öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir”. Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Kim İslamın hakim olduğu bir ərazidə silah çəkərək yollarda insanlara təhlükə yaradarsa, sonra təqib olunub ələ keçərsə, müsəlmanların rəhbəri onun barəsində hökm verməkdə ixtiyar sahibidir: istəsə onu öldürər, istəsə çarmıxa çəkər, istəsə də əllərini və ayaqlarını çarpazvari kəsər”. (ət-Tabəri, 11850, 11907). Səid ibn Museyyib, Mucahid, Əta və başqaları da belə demişlər. Bunu İbn Cərir nəql etmişdir. Həmçinin Malik ibn Ənəsin də belə dediyi rəvayət edilir. Bu rəyi deyənlər ayədə keçən أَوْ [əu] “və ya”, “ya da”, “yaxud” bağlayıcısının “seçim etmək” mənasını verməsinə əsaslanmışlar. Quranın bir çox ayələrində buna aid nümunələr var. Məsələn, Uca Allah ehramda olarkən ov edənin cəzası barədə belə buyurur: “Ey iman gətirənlər! Ehramda ikən ovu öldürməyin. Sizdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, ya da buna bərabər oruc tutmalıdır ki, əməlinin cəzasını dadsın” (“əl-Maidə”, 95). Həmçinin ehramda olarkən qadağan olunan əməllərdən birini üzrlü səbəbdən edənin verəcəyi fidyəni açıqlayaraq belə buyurur: “Sizlərdən kim xəstə olarsa və ya başında ona əziyyət verən bir şey varsa, fidyə olaraq, ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” (“əl-Bəqərə”, 196). Andın kəffarəsi barədə isə belə buyurur: “Allah, qəsdiniz olmadan içdiyiniz andlara görə sizi hesaba çəkməz, lakin O, qəsdən içdiyiniz andlara görə sizi hesaba çəkəcəkdir. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on kasıbı yedirtmək, yaxud onları geyindirmək, yaxud da bir kölə azad etməkdir” (“əl-Maidə”, 89). Bu ayələrdə keçən “və ya”, “ya da”, “yaxud” bağlayıcıları “seçim etmək” mənasındadır. Əvvəlki ayədə də eyni bağlayıcı işləndiyinə görə “seçim etmək” mənasını ifadə etməlidir. Əksər alimlərin rəyinə görə isə bu ayə, vəziyyətə uyğun tətbiq edilməlidir. Necə ki əş-Şafii Abdullah ibn Abbasın (Allah ondan razı olsun) yol kəsən quldurlar barədə belə dediyini rəvayət etmişdir: “Əgər quldurlar insanları öldürüb onların mallarını qəsb etsələr, cəza olaraq onlar da öldürülər və çarmıxa çəkilərlər. Əgər insanları öldürüb, lakin mallarını qəsb etməsələr, bu halda yalnız öldürülərlər, çarmıxa çəkilməzlər. Əgər yalnız insanların mallarını qəsb edib onları öldürməsələr, bu halda əlləri və ayaqları çarpazvari kəsilər. Əgər yoldan keçənləri, sadəcə, qorxudub onların mallarını qəsb etməsələr, bu halda yaşadıqları yerdən sürgün edilərlər”. (əl-Beyhəqi “Sunənul-Kubra” 17090, 17389, 17775; əş-Şafii “Musnəd” 282, 1531; “əl-Umm” 6/152, 164. İsnadı çox zəifdir. Bax: İrvaul-Ğalil, 2443). İbn Əbu Şeybə də Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) oxşar hədisi rəvayət etmişdir. Bir çox sələf alimləri də belə demişlər.
Uca Allah buyurur: “...ya da yaşadıqları yerdən sürgün edilmələridir”. Bəzi alimlər demişlər: “Yəni, ya təqib edilib ələ keçirilməli və ona şəriətlə layiq olduğu cəza həddi tətbiq olunmalı, ya da İslam diyarından qaçıb getməlidir”. Bu təfsiri İbn Cərir Abdullah ibn Abbasdan, Ənəs ibn Malikdən, Səid ibn Cubeyrdən, Leys ibn Saddan, Malik ibn Ənəsdən və başqalarından rəvayət etmişdir. Başqa bir qrup alim isə demişdir: “Yəni, olduğu məmləkətdən başqa bir məmləkətə sürgün edilir. Hakim və ya vəkili onu tamamilə vətəndaşlıqdan çıxarır”. əş-Şabi demişdir: “Yəni, bütün işlərində rədd edilər”. Əta əl-Xorasani isə demişdir: “Yəni, uzun müddətə bir şəhərdən başqa bir şəhərə göndərilər, lakin İslam torpaqlarından kənar edilməz”. Səid ibn Cubeyr, Əbu əş-Şəsə, əl-Həsən, əz-Zuhri və başqaları da belə demişlər. Bəzi alimlər isə demişlər: “Burada “sürgün edilmək” dedikdə, “həbs edilmək” nəzərdə tutulur”. Bu, Əbu Hənifə və onun davamçılarının rəyidir. İbn Cərir isə “sürgün edilmək” dedikdə, bir ölkədən çıxarılıb, başqa bir ölkəyə göndərilərək orada həbs olunmasının nəzərdə tutulduğunu demişdir.
Uca Allah buyurur: “Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”, yəni ayədə zikr etdiyim öldürülmək, çarmıxa çəkilmək, əllərinin və ayaqlarının çarpazvari kəsilməsi və sürgün edilmək kimi cəzalar onlar üçün dünyada insanlar arasında rüsvayçılıqdır. Bununla belə, Allah onlar üçün Qiyamət günü böyük bir əzab hazırlamışdır. Bu təfsir ayənin müşriklər barədə nazil olduğunu deyənlərin rəyini qüvvətləndirir. Müsəlmanlara gəlincə isə, Muslimin “Səhih” əsərində Ubadə ibn Samitin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: “Peyğəmbər ﷺ mühacir qadınlardan əhd aldığı kimi, bizdən də Allaha heç bir şeyi şərik qoşmamağa, oğurluq etməmyə, zina etməməyə, övladlarımızı öldürməməyə, bir-birimizə böhtan (yalan) atmamağa dair əhd aldı. Sonra dedi: “Sizdən hər kim verdiyi əhdə sadiq olarsa, bunun savabını Allah verəcək. Kim də bu günahlardan birini edib, sonra dünyada ikən cəzalandırılsa, bu onun üçün kəffarə (bağışlanma) olar. Kim bu günahlardan birini etdikdən sonra Allah onu gizlədərsə, onun işi Allaha qalar. İstəsə onu bağışlayar, istəsə onu cəzalandırar”. (Muslim, 3224, 4560).
Əlidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ belə demişdir: “Kim bu dünyada bir günah edərsə, sonra bu günaha görə cəzalandırılarsa, bilsin ki, Allah ədalətlidir, qulunun cəzasını iki dəfə təkrarlamaz. Kim bu dünyada bir günah edər və Allah onu örtər və bağışlayarsa, bilsin ki, Allah səxavətlidir, bağışladığı bir günahın üstünə gəlməz”. Hədisi İmam Əhməd, ət-Tirmizi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisi “həsən-ğarib” adlandırmışdır. (Əhməd, 775, 1365; İbn Məcə, 2604; ət-Tirmizi, 2626, 2835. Hədis zəifdir. Bax: Daif əl-Cami, 5423). əl-Hafiz əd-Dəraqutnidən bu hədis barədə soruşduqda, o: “Bu hədis, həm Əlinin, həm də Peyğəmbərin ﷺ sözü olaraq rəvayət edilmişdir. Lakin Peyğəmbərin ﷺ sözü olaraq rəvayət edilməsi daha doğrudur”– deyə cavab vermişdir.
İbn Cərir demişdir: “Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır”, yəni bu, onlar üçün bəla, ar, iztirab, zillət və Axirətdən əvvəl dünyada ikən görəcəkləri əzabdır”. “Axirətdə isə onları böyük bir əzab gözləyir”, yəni, əgər etdikləri əməldən əl çəkib ölənə qədər tövbə etməsələr, dünyada gördükləri əzabla yanaşı, Axirətdə də onlar üçün böyük bir əzab vardır. “...onları böyük bir əzab gözləyir”, yəni Cəhənnəm əzabı gözləyir.
Uca Allah buyurur: “Sizin əlinizə keçməmişdən öncə tövbə edənləri müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhmlidir”. Bu ayənin müşriklər barədə nazil olduğunu deyənlərə görə, ayənin mənası aydındır. Müsəlmanlardan quldurluq edənlərə gəlincə, əgər onlar ələ keçməmişdən əvvəl tövbə etsələr, o zaman onların üzərindən öldürülmə, çarmıxa çəkilmə və ayaqlarının kəsilməsi cəzaları götürülür. Lakin tövbə etdikdən sonra əllərinin kəsilib-kəsilməməsi məsələsində alimlər arasında iki rəy var. Ayənin zahirinə görə bütün cəzalar götürülür. Səhabələr də bunu tətbiq etmişlər. İbn Əbu Hatim əş-Şabinin belə dediyini rəvayət etmişdir: “Hərisə ibn Bədr ət-Təmimi Bəsrədən idi. O, yer üzündə fitnə-fəsad törətmiş və quldurluq etmişdi. Qureyşlilərdən əl-Həsən ibn Əli, Abdullah ibn Abbas və Abdullah ibn Cəfər öz aralarında müzakirə aparıb Əlidən ona aman verməsini xahiş etdilər, lakin Əli bununla razılaşmadı. Hərisə Səid ibn Qeys əl-Həmədanini təqib edərək evinə gəldi və ona tövbə etdiyini bildirdi. Səid ibn Qeys Əlinin yanına gələrək dedi: “Ey möminlərin əmiri, Allaha və Onun Rəsuluna ﷺ qarşı savaşan və yer üzündə fitnə-fəsad törətməyə səy göstərən tövbə edərsə, onun cəzası nədir?” Sonra Uca Allahın “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası...” ayəsini “Sizin əlinizə keçməmişdən öncə tövbə edənləri müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhmlidir” ayəsinə çatana qədər oxudu. Bundan sonra Əli onun dediyi şəxsin təhlükəsizliyi barədə fərman yazdı. Səid ibn Qeys dedi: “Nəzərdə tutduğum adam Hərisə ibn Bədr idi”. İbn Cərir də belə rəvayət etmişdir. (ət-Tabəri (11879, 11881). (Əhməd Şakir). ət-Tabəri, 18879, 11937).
İbn Cərir əş-Şabinin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Mərad qəbiləsindən olan bir kişi Əbu Musanın yanına gəldi. Əbu Musa o vaxt Osman tərəfindən Kufəyə əmir təyin edilmişdi. Fərz namazını qıldıqdan sonra kişi Əbu Musaya yaxınlaşıb dedi: “Ey Əbu Musa, bura sənə sığınaraq gəlmişəm. Mən Mərad qəbiləsindən filankəsin oğlu filankəsəm. Mən bundan əvvəl Allaha və Onun Elçisinə ﷺ qarşı savaşıb, yer üzündə fitnə-fəsad törətmişəm. İndi isə ələ keçməmişdən əvvəl tövbə etmişəm”. Əbu Musa ayağa qalxıb dedi: “Bu, filankəsin oğlu filankəsdir. O, bundan əvvəl Allaha və Onun Elçisinə ﷺ qarşı savaşmış və yer üzündə fitnə-fəsad törətmişdir, lakin ələ keçməmişdən əvvəl tövbə etmişdir. Kim onunla qarşılaşsa, qoy ona xeyirdən başqa bir şey deməsin. Əgər o, sözündə sadiqdirsə, qoy Allah onu doğru yola yönəltsin. Yox, əgər yalan danışırsa, qoy Allah onu günahları ilə haqlasın”. Kişi orada Allah istədiyi müddət qədər qaldı, sonra çıxıb getdi. Allah da onu günahlarıyla haqlayaraq canını aldı”. (ət-Tabəri (11884, 11885). (Əhməd Şakir). ət-Tabəri, 11941).
Sonra İbn Cərir Leysdən, o da Musa ibn İshaq əl-Mədənidən belə rəvayət etmişdir: “Əli əl-Əsədi yoldan keçənlərə qarşı quldurluq edərək qanlarını tökməklə və mallarını götürməklə Allaha və Onun Elçisinə ﷺ qarşı savaşmış və yer üzündə fitnə-fəsad törətmişdi. Onu həm adi insanlar, həm də dövlət başçıları axtarırdılar, lakin tuta bilmirdilər. Sonra o, tövbə etmiş halda gəldi. Tövbə etməsi isə belə olmuşdu: bir dəfə o, bir kişinin “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən Bağışlayandır, Rəhmlidir!” (“əz-Zumər”, 53) ayəsini oxuduğunu eşitdi və kişiyə yaxınlaşaraq başının üstündə dayandı və dedi: “Ey Allahın qulu, oxuduğun ayəni təkrar et!” Kişi ayəni bir daha oxudu, o da qılıncını qınına qoyub tövbə etdi. Səhərə yaxın Mədinəyə çatdı, qüsl edib Peyğəmbərin ﷺ məscidinə gəldi və sübh namazını qıldı. Sonra Əbu Hureyranın yanına gələrək onun yoldaşlarının arasında oturdu. Hava işıqlandıqda insanlar onu tanıdı və onu tutmaq üçün qalxdılar. Əli əl-Əsədi dedi: “Məni cəzalandırmağa haqqınız yoxdur, çünki siz məni tutmamışdan əvvəl mən tövbə edib gəlmişəm”. Əbu Hureyra dedi: “O, doğru söyləyir”. Sonra Əbu Hureyra onun əlindən tutub Mərvan ibn əl-Həkəmin yanına gətirdi. Mərvan, Muaviyənin hökmranlığı dövründə Mədinənin əmiri idi. Əbu Hureyra dedi: “Bu Əlidir, tövbə edib gəlib. Onu nə cəzalandırmağa, nə də öldürməyə haqqınız yoxdur”. Bütün ittihamlar onun üzərindən götürüldü və Əli əl-Əsədi tövbə edərək Allah yolunda cihada çıxdı. Bir dəniz döyüşündə rumlularla (bizanslılarla) qarşılaşdı. Onun gəmisi rumluların gəmisinə yaxınlaşdı. Əli atılıb rumluların gəmisinə keçdi. Rumlular qaçaraq gəminin o biri başına toplaşdılar. Gəmi əyilərək batdı və Əli də gəmidə olanlarla birlikdə batdı”. (ət-Tabəri (11889). (Əhməd Şakir). ət-Tabəri, 11946).
əl-Maidə, 35-37
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ * إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ * يُرِيدُونَ أَنْ يَخْرُجُوا مِنَ النَّارِ وَمَا هُمْ بِخَارِجِينَ مِنْهَا وَلَهُمْ عَذَابٌ مُقِيمٌ
35. Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
36. Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də, kafirlərin olsa və onlar bunu Qiyamət gününün əzabından qurtulmaq üçün fidyə versələr, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
37. Onlar Oddan çıxmaq istərlər, lakin oradan çıxan deyillər. Onlar üçün davamlı bir əzab vardır.
Uca Allah bu ayələrdə mömin qullarına xitab edərək onlara təqvalı olmağı əmr edir. Allahdan qorxmaq Allaha itaət etməklə birgə zikr olunduqda, haramları tərk etmək və qadağalardan çəkinmək nəzərdə tutulur. Sonra Uca Allah buyurur: “Ona yaxınlaşmaq üçün vəsilə axtarın”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, Allaha yaxınlaşdıran səbəblər axtarın”. Mucahid, Qatədə, İbn Zeyd və başqaları da belə demişlər. Qatədə demişdir: “Yəni, Allaha itaət edib razı qaldığı əməlləri etməklə, Ona yaxınlaşın”. İbn Zeyd ayəni təfsir edərkən bu ayəni oxumuşdur: “Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə, vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar” (“əl-İsra”, 57). Yuxarıda adı çəkilən alimlərin dedikləri ilə digər təfsir alimlərinin bu ayənin təfsiri barədə dedikləri rəylər arasında heç bir fərq yoxdur.
Vəsilə – məqsədə çatmaq üçün istifadə olunan vasitədir. Vəsilə, həmçinin Cənnətdə ən yüksək məqamın adıdır. Bu məqam Peyğəmbərə ﷺ məxsusdur və onun Cənnətdəki yeridir. Cənnətdə Uca Allahın Ərşinə ən yaxın olan yer buradır. əl-Buxarinin “Səhih” əsərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ demişdir: “Hər kim azanı eşitdikdə “Allahım! Ey bu çağırışın (azanın) və qılınacaq namazın Rəbbi! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır” (Transkripsiyası: Alla:hummə Rabbə hə:zihid-dəvətit-tə:mmə, vəs-salə:til qa:imə, ə:ti Muhəmmədənil-vasi:lətə val-fədi:lətə, vab'əshu məqa:mən məhmu:dənilləzi və:adtəhu). desə, Qiyamət günü mənim şəfaətimə qovuşar”. (əl-Buxari, 579, 614). Muslimin “Səhih” əsərində rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Müəzzinin azan verdiyini eşitdikdə, onun dediklərini təkrarlayın. Sonra mənə salavat deyin. Kim mənə bir dəfə salavat deyərsə, Allah bunun müqabilində ona on salavat deyər. (Uca Allah buyurur: “Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə salavat (xeyir-dua) deyirlər. Ey iman gətirənlər! Siz də ona salavat deyib (xeyir-dua verib) kamil ədəb-ərkanla onu salamlayın” (“əl-Əhzab”, 56). Peyğəmbərə ﷺ salavat demək Peyğəmbərin ﷺ bizə öyrətdiyi şəkildə ona xeyir-dua vermək deməkdir. Kəb ibn Ucra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, biz sənə necə salam verməyi bilirik. Bəs salavatı sənə necə deyək?” Peyğəmbər ﷺ buyurdu: “Deyin: “Alla:hummə salli alə Muhəmmədin və alə ə:li Muhəmməd, kəmə salleytə alə ə:li İbra:him, innəkə həmi:dun məcid. Alla:hummə bə:rik alə Muhəmmədin və alə ə:li Muhəmməd, kəmə bə:raktə alə ə:li İbra:him, innəkə həmi:dun məcid. (Allahım, İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Həqiqətən, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım, İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Həqiqətən, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!)” (əl-Buxari, 4423, 4797). Alimlər bildirmişlər ki, Allahın quluna salavat deməsi onu mələklər toplumunda tərifləməsi və ona rəhm etməsidir). Sonra Allahdan mənə “Vəsilə” istəyin. Vəsilə Cənnətdə olan bir məqamdır və bu məqama Allahın qullarından yalnız biri çatacaqdır. Mən ümid edirəm ki, bu məqama yetişən qul mən olacam. Kim Allahdan mənim üçün Vəsilə istəyərsə, şəfaətimə qovuşar”. (Əhməd (6568). (Əhməd Şakir). Muslim, 384, 875). İmam Əhməd Kəbdən, o da Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ dedi: “Mənə salavat dedikdən sonra Allahdan mənə Vəsilə istəyin”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, Vəsilə nədir?” Peyğəmbər ﷺ dedi: “Cənnətdə olan ən yüksək məqamdır. Bu məqama yalnız bir kişi nail olacaq və ümid edirəm ki, həmin kişi mən olacam”. Həmçinin hədisi ət-Tirmizi rəvayət etmiş, sonra demişdir: “Hədis ğaribdir. Kəb tanınmır, ondan yalnız Leys ibn Əbu Əsləm rəvayət etmişdir”. (Əhməd (7588). Hədisin isnadı səhihdir. Kəb əl-Mədəni tanınmış tabiindir. İbn Hibban onu “əs-Siqat” (Mötəbər ravilər) əsərində qeyd etmiş, əl-Buxari “əl-Kəbir” (4/1/224) əsərində onun tərcümeyi-halını zikr etmiş və barəsində mötəbərliyinə xələl gətirən heç nə deməmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 3612, 3971. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5767).
Uca Allah buyurur: “Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız”. Uca Allah mömin qullarına haramları tərk edib, itaətləri yerinə yetirməyi əmr etdikdən sonra haqq dindən üz döndərmiş, doğru yoldan çıxmış düşmənlərinə – kafirlərə və müşriklərə qarşı döyüşməyi əmr edir və Qiyamət günü Onun yolunda döyüşənlər üçün hazırladığı əbədi, tükənməyən böyük xoşbəxtliyi xatırladaraq möminləri cihada rəğbətləndirir. Onlar Cənnətdə yüksək, gözəl mənzərəli otaqlarda əmin-amanlıq içində yaşayacaqlar. Ora girənlər çətinlik görmədən daim nemət içində olacaq, heç vaxt ölmədən əbədi yaşayacaq, paltarları heş vaxt köhnəlməyəcək və daim gənc qalacaqlar.
Sonra Uca Allah Qiyamət günü kafirlər üçün hazırladığı əzabı xatırladaraq buyurur: “Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də, kafirlərin olsa və onlar bunu Qiyamət gününün əzabından qurtulmaq üçün fidyə versələr, onlardan əsla qəbul edilməz”, yəni, əgər kafirlərdən biri Qiyamət günü Allahın əzabını yəqin gördükdən sonra bu əzabdan qurtulmaq üçün dünya dolusu qızılla gəlib bu qızılı, üstəlik bir o qədərini də, fidyə vermək istəsə, bu ondan qəbul edilməyəcək və o, bu əzabdan qurtula bilməyəcək. Bu səbəbdən Uca Allah ayənin sonunda: “Onlar üçün ağrılı-acılı bir əzab vardır”– deyə buyurur.
Uca Allah buyurur: “Onlar Oddan çıxmaq istərlər, lakin oradan çıxan deyillər. Onlar üçün davamlı bir əzab vardır”. Necə ki başqa ayədə buyurur: “Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara “Dadın odun əzabını!” deyiləcəkdir” (“əl-Həcc”, 22). Onlar davamiyyətli olaraq Oddan çıxmaq, şiddətli əzabdan qurtulmaq istəyəcəklər, lakin bunu bacarmayacaqlar. Od hər dəfə onları Cəhənnəmin yuxarı hissəsinə qaldırdıqda, Zəbaniyyələr (Cəhənnəm gözətçiləri) dəmir toppuzlarla onları vurub Cəhənnəmin aşağı qatına salacaqlar. “Onlar üçün davamlı bir əzab vardır”, yəni bu əzab daimi olacaq, onlar oradan çıxa bilməyəcəklər və bu əzabdan qurtula bilməyəcəklər. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “Cəhənnəm əhlindən olan bir adam (Allahın hüzuruna) gətiriləcək. Uca Allah buyuracaq: “Ey Adəm oğlu! Yerin necədir?” O deyəcək: “Ey Rəbb! Nə pis yerdir!” Allah buyuracaq: “Bu əzabdan qurtulmaq üçün dünya dolusu qızıl fidyə verərsənmi?” O: “Bəli, ey Rəbb, verərəm”– deyəcək. Allah buyuracaq: “Yalan danışırsan, səndən dünyada ikən Cəhənnəm əzabından qurtulmaq üçün bundan daha azını istəmişdim, sən isə etmədin”. Sonra Uca Allah onu Cəhənnəmə atmağı əmr edəcək”. Hədisi Muslim, ən-Nəsəi və İbn Mərdəveyh rəvayət etmişlər. (Muslim, 5018, 7261; əl-Buxari, 3156, 3334, 6538; Əhməd, 13162, 13535).
İbn Mərdəveyh Yəzid ibn Suheyb əl-Fəqirdən, o da Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Həqiqətən, Cəhənnəm əhlindən olan bir dəstə insan (bir müddət cəzalarını çəkdikdən sonra) Cəhənnəmdən çıxıb Cənnətə girəcək”. Yəzid ibn Suheyb dedi: “Mən Cabirdən soruşdum: “Axı Uca Allah Quranda “Onlar Oddan çıxmaq istərlər, lakin oradan çıxan deyillər” buyurur?” Cabir dedi: “Ayənin əvvəlini oxu – “Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də, kafirlərin olsa və onlar bunu Qiyamət gününün əzabından qurtulmaq üçün fidyə versələr, onlardan əsla qəbul edilməz”. Burada söhbət kafirlərdən gedir”. (ət-Tayəlisi, 2137, 2251; Muslim, 281, 492). İmam Əhməd və Muslim bu hədisi başqa formada rəvayət etmişlər. Bu mətn daha sadədir.
İbn Əbu Hatim Yəzid əl-Fəqirdən rəvayət etmişdir ki, bir dəfə Cabir ibn Abdullah (Allah ondan razı olsun) hədis rəvayət edərkən yanında oturmuşdum. O, bir qrup insanın sonda Cəhənnəmdən çıxacağını danışırdı. Mən o vaxtlar bunu inkar edirdim, odur ki, onun bu sözündən qəzəbləndim və dedim: “Mən adi insanların danışdıqlarına təəccüblənmirəm, lakin sizin dediklərinizə təəccüblənirəm, ey Peyğəmbərin ﷺ səhabələri! İddia edirsiz ki, Allah bir qrup insanı Cəhənnəmdən çıxarıb, Cənnətə salacaq. Halbuki Uca Allah Quranda “Onlar Oddan çıxmaq istərlər, lakin oradan çıxan deyillər” buyurur”. Cabirin ətrafında olanlar məni məclisdən qovdular, lakin Cabir onların içində ən mülayim insan idi. O dedi: “O kişini geri çağırın”. Mən gəldikdə Cabir dedi: “Bu ayə kafirlərə aiddir. Uca Allah ayənin əvvəlində buyurur: “Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də, kafirlərin olsa və onlar bunu Qiyamət gününün əzabından qurtulmaq üçün fidyə versələr, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onlar Oddan çıxmaq istərlər, lakin oradan çıxan deyillər. Onlar üçün davamlı bir əzab vardır”. Məgər sən Quran oxumursan?” Mən: “Bəli, Quranı əzbərləmişəm”– dedim. Cabir dedi: “Məgər Uca Allah Quranda “Gecənin bir vaxtı oyanıb sənə əlavə buyrulmuş təhəccüd namazında Quran oxu. Ola bilsin ki, buna görə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (“əl-İsra”, 79) buyurmurmu? Bu, o məqamdır. Uca Allah bir qrup insanı etdikləri böyük günahlara görə istədiyi qədər Cəhənnəmdə saxlayacaq və onlarla danışmayacaq. Sonra istədiyi vaxt onları Cəhənnəmdən çıxaracaq”. Yəzid dedi: “Bundan sonra mən bir daha bunu inkar etmədim”. (İbn Əbu Hatimin isnadı səhihdir. (Əhməd Şakir). Muslim, 282, 493).
Sonra İbn Mərdəveyh Talq ibn Həbibin belə dediyini rəvayət etmişdir: “Mən Cabir ibn Abdullahla (Allah ondan razı olsun) rastlaşmayana qədər şəfaəti ən çox inkar edən insanlardan biri idim. Bir dəfə Cabir ibn Abdullaha rast gəldim və ona Uca Allahın Cəhənnəm əhlinin Cəhənnəmdə əbədi qalacağını bildirdiyi bütün ayələri oxudum. Cabir dedi: “Ey Talq, Allahın Kitabını və Peyğəmbərin ﷺ sünnəsini məndən daha yaxşı bildiyinimi sanırsan? Sənin Cəhənnəm əhli barədə qeyd etdiyin ayələr müşriklərə aiddir. Mən dediyim isə böyük günah etmiş və günahlarına görə cəzalandırılan insanlardır. Cəzalarını çəkdikdən sonra Cəhənnəmdən çıxarılacaqlar”. Sonra Cabir əllərini qulaqlarına apararaq dedi: “Bu qulaqlarım kar olsun, əgər mən Peyğəmbərin ﷺ belə dediyini eşitməmişəmsə: “Onlar Cəhənnəmə girdikdən sonra oradan çıxacaqlar”. O ki qaldı sən oxuduğun ayələrə, biz də bu ayələri oxuyuruq”. (Əhməd (14586). İsnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 14534, 14574, 14588. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
əl-Maidə, 38-40
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ * فَمَنْ تَابَ مِنْ بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللَّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ * أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
38. Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq, əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir.
39. Kim bu haqsızlığından sonra tövbə edib özünü düzəldərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
40. Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir.
Uca Allah bu ayələrdə hökm verərək oğru kişi və oğru qadının əllərinin kəsilməsini buyurur. Rəvayət olunur ki, İbn Məsud (Allah ondan razı olsun) bu ayəni “Oğru kişinin və oğru qadının, ...sağ əllərini kəsin!” şəklində oxuyarmış, lakin bu qiraət “şəzz”dir (Şəzz qiraət – mutəvatir isnadla rəvayət olunmayan qiraətdir. Mutəvatir isnad – hər təbəqəsində kifayət qədər çox ravi sayı olan isnaddır). (məqbul deyil). Baxmayaraq ki, oğrunun əlinin kəsilməsi barədə bütün alimlərin verdikləri hökm bu qiraətin mənasına uyğundur. Bu hökm başqa dəlildən də çıxarılır.
Oğrunun əlinin kəsilməsi hökmünə cahiliyyət dövründə də əməl olunurdu. İslam dini gəldikdən sonra isə bu hökmü təsdiqlədi və bura başqa şərtləri də əlavə etdi. Allahın izni ilə bu barədə qarşıda məlumat verəcəyik. Necə ki “Qasəmə” (“Qasəmə” sözünün lüğəvi mənası “and içmək” deməkdir. Şəriətdə isə, əgər üzərində zorakılıq əlaməti olan bir şəxsin meyiti bir kəndin və ya bir qəsəbənin ərazisində tapılarsa və öldürülən şəxsin ya özünün, ya da qəbiləsinin bu kəndin sakinləri ilə bir ədavəti olarsa və bu səbəbdən qatilin həmin kənddən olduğu ehtimal olunarsa, bu halda ilk olaraq öldürülən şəxsin adamlarından əlli kişiyə qatilin bu kənddən olduğuna dair and içmək haqqı verilir. Əgər əmin olub and içərlərsə, bu zaman ittiham olunan kənd əhalisinin üzərinə ölü sahibinə qanbahası ödəmək düşür. Əgər ölü sahibləri and içməkdən imtina edərlərsə, bu halda and içmək haqqı ittiham olunan tərəfə verilir. İttiham olunan tərəfdən əlli kişi qatilin onlardan olmadığına dair and içərlərsə, bu halda qanbahası onların üzərindən düşür. Bu hökm cahiliyyət dövründə də var idi. İslam dini gəldikdən sonra bu hökmü təsdiqlədi)., qanbahası, “Qarad” (Qarad – şərikli ticarət növlərindən biridir. Bu növ ticarətdə birinci tərəf pul (maya) qoymaqla, ikinci tərəf isə öz bacarığından istifadə etməklə, bu pulu faydalı ticarətə sərf edir. Gəlir isə aralarında bağlanmış müqaviləyə əsasən bölünür. Bu növ ticarət şəriətdə “mudarabə” də adlanır. Mudarabə ticarətində iş görən adam səhlənkarlıq səbəbindən pulu batırarsa, şərikinə pulu qaytarmalıdır. Əgər pul iş görən adamın səhlənkarlığından deyil, ondan asılı olmayan bir səbəbdən batarsa, dəymiş ziyana hər ikisi şərikdirlər. Bu növ ticarət cahiliyyət dövründə də var idi. İslam dini gəldikdən sonra bu növ şərikliyi təsdiqlədi). və digər hökmlər cahiliyyət dövründə də var idi, İslam dini gəldikdən sonra bu hökmləri olduğu kimi təsdiqlədi. İslam dininin əlavə etdiyi şərtlər bu hökmlərin faydasını tamamlamaq məqsədi daşıyır. Deyilənə görə, oğrunun əlinin kəsilməsi hökmünü ilk olaraq Qureyş qəbiləsi tətbiq etmişdir. Onlar Kəbənin xəzinəsini oğurladığı üçün Duveyk adlı bir kişinin əlini kəsmişlər. Duveyk Bənu Muleyh ibn Amr ibn Xuzəa qəbiləsinin azad etdiyi kölə idi. Deyilənə görə, xəzinəni başqaları oğurlayıb onun evinə qoymuşdular.
Zahiri məzhəbinin bəzi alimləri bildirmişlər ki, oğru istənilən bir əşyanı oğurlayarsa, buna görə əli kəsilməlidir. Fərq etməz istər oğurlanan az bir şey olsun, istər çox olsun. Çünki Uca Allahın “Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq, əllərini kəsin!” ayəsi ümumidir. Onlara görə, oğurlanan əşyanın müəyyən məbləğə çatması və qorunmuş olması şərt deyil, sadəcə, oğurluğun baş verməsi əlin kəsilməsi üçün kifayətdir. Bu rəydə olanlar, əlavə olaraq əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisə əsaslanmışlar. Əbu Hureyra Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Yumurta oğurladığına görə əli kəsilən, həmçinin ip oğurladığına görə əli kəsilən oğruya Allahın lənəti olsun!” (əl-Buxari, 6285, 6783). Əksər alimlərin rəyinə görə isə əlin kəsilməsi üçün oğurlanmış əşyanın dəyərinin şəriətin müəyyən etdiyi məbləğdə olması şərtdir, lakin bu məbləğin miqdarında fikir ayrılığı var. Bu məsələdə dörd məzhəb imamları fərqli rəylər demişlər. Malik ibn Ənəsə görə, əlin kəsilməsi üçün oğurlanmış əşyanın dəyəri tam üç dirhəm olmalıdır. Əgər oğru bu məbləğdə və ya dəyəri bu məbləğdən yuxarı olan bir əşya oğurlayarsa, əli kəsilməlidir. İmam Malik bu rəyində Nafinin İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisə əsaslanmışdır. Hədisdə bildirilir ki, Peyğəmbər ﷺ üç dirhəm dəyərində bir qalxan oğurladığına görə oğrunun əlini kəsdirdi. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Buxari, 6298, 6796; Muslim, 3194, 4500). İmam Malik demişdir: “Osman dəyəri üç dirhəm olan turunca (Xoşətirli sitrus meyvəsi). görə oğrunun əlini kəsdirmişdir. Bu, danışdığımız mövzu ilə əlaqəli eşitdiyim ən yaxşı rəvayətdir”. Osmandan (Allah ondan razı olsun) nəql olunan bu hədisi İmam Malik rəvayət etmişdir: “Bir dəfə Osmanın xilafəti dövründə bir oğru turunc oğurlamışdı. Osman oğurlanmış malın dəyərləndirilməsini əmr etdi və on iki dirhəmi bir dinar hesablamaqla, bu malı üç dirhəm dəyərində qiymətləndirdilər. Osman buna görə oğrunun əlini kəsdirdi”. (Malik, 687, 1519, 2408, 2430). İmam Malikin davamçıları demişlər: “Bu kimi hadisələr, adətən, məşhur olur, buna baxmayaraq heç kəs Osmanın belə etməsinə etiraz etməmişdir. Belə hal yarandıqda məsələdə “Sükuti-icma” (Əgər səhabə və ya alim hər hansı bir məsələdə rəy bildirər və ya hökm verərsə, bu rəy və ya hökm geniş yayılarsa, bununla belə, digər səhabələr və alimlər bu rəyə və ya hökmə qarşı çıxıb etiraz bildirməzlərsə, bu rəy və ya hökm alimlərin yekdil rəyi ilə qəbul edilmiş bir məsələ və qəti dəlil sayılır. Bu növ icmaya “Sükuti-icma” deyilir. “Sükuti-icma”nın etibarlı sayılıb qəti dəlil ifadə etməsi məsələsində alimlər arasında fikir ayrılığı var. Əksər alimlərin (Hənəfi, Maliki və Hənbəli məzhəblərinin alimlərinin) rəyinə görə, “Sükuti-icma” həm etibarlı sayılır, həm də qəti dəlil ifadə edir). olduğu nəql edilir. Bu hadisə, meyvə oğurluğuna görə əlin kəsilməsinə də dəlildir. Hənəfi məzhəbinin alimləri isə bu məsələdə digər alimlərə müxalif olmuşlar. Həmçinin əlin kəsilməsi üçün oğurlanmış malın üç dirhəm dəyərində olması məsələsində də müxalif olaraq, bu məbləğin on dirhəm olduğunu bildirmişlər. Şafii məzhəbinə görə isə bu məbləğ dörddəbir dinardır. Ən doğrusunu isə Allah bilir.
İmam əş-Şafii isə oğrunun əlinin dörddəbir dinara və bundan daha artığına bərabər olan pul vahidi və ya bu dəyərdə olan mala görə kəsildiyini demişdir. Buna dəlil isə əl-Buxari və Muslimin Aişədən (Allah ondan razı olsun) rəvayət etdikləri bu hədisdir. Aişə Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Oğrunun əli yalnız o halda kəsilir ki, oğurlanmış malın dəyəri dinarın dörddəbirinə və bundan artığına bərabər olsun”. (əl-Buxari, 6292, 6790; Muslim, 3190, 3192, 4494, 4496). Muslimin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə isə Peyğəmbər ﷺ demişdir: “Oğurlanmış malın dəyəri dinarın dörddəbirinə və bundan daha artığına çatmayınca oğrunun əli kəsilməz”. (Muslim, 3190, 4494). Bizim məzhəbin (Şafii məzhəbinin) mənsubları demişlər: “Bu hədis məsələyə tam aydınlıq gətirir, belə ki, oğrunun əlinin kəsilməsi üçün oğurlanmış malın dəyəri ən azı dörddəbir dinara bərabər olmalıdır, dörddəbir dinarın dəyərinə bərabər olan başqa pul vahidi əsas götürülmür. Peyğəmbərin ﷺ üç dirhəm dəyərində bir qalxan oğurlamış oğrunun əlini kəsməsinə gəlincə, bu hədis bu rəy ilə ziddiyyət təşkil etmir. Çünki Peyğəmbərin ﷺ dövründə bir dinar on iki dirhəmə bərabər idi. Üç dirhəm isə bir dinarın dörddəbirinə bərabər idi. Bu yol ilə bu iki hədisi cəm etmək mümkündür. Bu rəy Ömər ibn əl-Xattabdan, Osman ibn Əffandan və Əli ibn Əbu Talibdən (Allah onlardan razı olsun) nəql olunur. Ömər ibn Abdul-Əziz, Leys ibn Sad, əl-Əvzai, əş-Şafii, onun davamçıları və başqaları da belə demişlər.
İmam Əhməd ibn Hənbəl və bir rəvayətə görə, İshaq ibn Rahaveyh oğrunun əlinin kəsilməsi üçün oğurlanmış malın dəyərinin müəyyən edilməsində həm dörddəbir dinarın, həm də üç dirhəmin şəriət tərəfindən mötəbər sayıldığını demişlər. Bu iki məbləğin hər hansı birini və ya bu məbləğlərdən birinin dəyərində olan malı oğurlayanın əli İbn Ömərin və Aişənin (Allah onlardan razı olsun) hədisinə əməl olunaraq kəsilməlidir. İmam Əhmədin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Əgər oğurlanmış mal dörddəbir dinara çatarsa, oğrunun əlini kəsin. Bundan aşağı dəyərdə olan mala görə kəsməyin!” Aişə demişdir: “O vaxt dörddəbir dinar üç dirhəmə, bir dinar isə on iki dirhəmə bərabər idi”. (Əhməd, 24515, 24559, 25020. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 8/61/2402). ən-Nəsəinin rəvayətində isə Peyğəmbər ﷺ belə demişdir: “Oğrunun əlini ancaq o halda kəsin ki, oğurladığı malın qiyməti qalxanın qiymətinə bərabər olsun!” Aişədən soruşdular: “Qalxanın qiyməti nə qədər idi?” Aişə dedi: “Dörddəbir dinara bərabər idi”. (Bu hədislərə “əl-Muntəqa” (4067, 4075) əsərində baxa bilərsiniz. (Əhməd Şakir). əd-Dəraqutni, 3416, 3462; əl-Beyhəqi “Sunənul-Kubra” 16948, 17171, 17631; ən-Nəsəi “Sunən” 4850, 4952, “Sunənul-Kubra” 7422. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 4935; İrvaul-Ğalil, 8/61). Bütün bu hədislər dəlalət edir ki, oğrunun əlinin kəsilməsi üçün oğurlanmış malın dəyərinin on dirhəm olması şərt deyil. Ən doğrusunu isə Allah bilir.
Əbu Hənifə və onun davamçıları olan Əbu Yusuf, Muhəmməd və Zufər, habelə Sufyan əs-Səuri oğrunun əlinin kəsilməsi üçün oğurlanmış malın dəyərinin saxta olmayan əsl on dirhəmə bərabər olmasının şərt olduğunu demişlər. Dəlil olaraq Peyğəmbərin ﷺ dövründə əli kəsilmiş oğrunun oğurladığı qalxanın dəyərinin on dirhəm olmasına əsaslanmışlar. Əbu Bəkr ibn Əbu Şeybə İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin ﷺ dövründə qalxanın qiyməti on dirhəm idi. Sonra Amr ibn Şueybdən, o da atasından, o da Şueybin babasından (Abdullah ibn Amr ibn əl-Asdan) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Oğurlanmış malın dəyəri qalxanın qiymətindən aşağı olarsa, oğrunun əli kəsilmir”. Abdullah ibn Amr demişdir: “Peyğəmbərin ﷺ dövründə qalxanın qiyməti on dirhəm idi”. (İbn Əbu Şeybə, 28104, 28687). Bu rəydə olanlar demişlər: “Gördüyümüz kimi, İbn Abbas və Abdullah ibn Amr qalxanın qiymətində İbn Ömərə (Allah ondan razı olsun) müxalif olmuşlar. Ehtiyat üçün yüksək qiymət götürülməlidir. Çünki şübhə yaranarsa, cəza tətbiq olunmur”.
Bəzi sələflər oğrunun əlinin on dirhəmə və ya bir dinara görə, yaxud bu ikisindən birinin dəyərində olan mala görə kəsildiyini demişlər. Bu rəy Əli, İbn Məsud, İbrahim ən-Nəxai və Əbu Cəfər əl-Baqirdən nəql olunur. Bəzi sələflər isə demişlər: “Beş barmaq (yəni əl) yalnız beş dinara və ya əlli dirhəmə görə kəsilir”. Bu rəy Səid ibn Cubeyrdən nəql olunur.
Əksər alimlər Zahiri məzhəbinin mənsublarının öz rəylərində əsaslandıqları Əbu Hureyranın (Allah ondan razı olsun) “Yumurta oğurladığına görə əli kəsilən, həmçinin ip oğurladığına görə əli kəsilən oğruya Allahın lənəti olsun!” hədisinə bir neçə cavab vermişlər:
Birinci: Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədis bu hədisi nəsx (hökmünü ləğv) etmişdir, lakin buna bir daha nəzər yetirmək lazımdır. Çünki bu hədislərdən birinin digərini nəsx etməsini demək üçün hədislərin tarixi (hansının əvvəl, hansının sonra deyildiyi) bilinməlidir.
İkinci: Hədisdə keçən بيْضَةٌ [beyda] sözü “yumurta” deyil, “dəbilqə” mənasındadır, ip dedikdə isə gəmiləri bağlamaq üçün istifadə olunan ip nəzərdə tutulur. Bu açıqlamanı əl-Buxari və başqaları əl-Aməşdən nəql etmişlər.
Üçüncü: Yəni bu şeyləri (yumurta və ip) oğurlamaq tədricən çoxalaraq əlin kəsilməsinə səbəb olan böyük şeylərin oğurlanmasına vəsilədir. Ola da bilsin, hədisdə cahiliyyət dövründə baş verənlər nəzərdə tutulur. Belə ki, cahiliyyət dövründə həm aza, həm də çoxa görə əli kəsərdilər. Peyğəmbər ﷺ də dəyərsiz mala görə dəyərli əlini qurban verən oğrunu lənətləmişdir.
Rəvayət edilir ki, Əbul-Aləi əl-Muərri (Əbul-Aləi əl-Muərri – Əhməd ibn Abdullah əl-Qadai hicri 363-cü ildə (miladi 973-cü ildə) İdlib yaxınlığında yerləşən Muərra ən-Numan adlanan qəsəbədə doğulmuşdur. Abbasilər dövrünün şairlərindən biridir. Hicri 449-cu lidə (miladi 1057-ci ildə) doğulduğu qəsəbədə vəfat etmişdir). Bağdada gəldikdə, oranın alimlərinin oğrunun əlinin kəsilməsi üçün oğurlanmış malın dəyərinin dörddəbir dinara bərabər olmasını şərt qoymalarına etiraz etdi və bununla tanındı. Əbul-Aləi bu barədə bir şeir yazdı. Bu şeirdə onun cahilliyi və ağlının azlığı aydın görünür:
Qanbahası beş yüz dinar olan bir əli
Dörddəbir dinardan ötrü necə kəsmək olar?
Bu ziddiyyətdir, bizə yalnız susmaq
Və bu rüsvayçılıqdan Rəbbimizə sığınmaq qalar. (Əbul-Aləi bu şeiri ilə şəriət hökmünə qarşı çıxaraq dəyəri dörddəbir dinar olan bir mala görə oğrunun əlinin kəsilməsinə etiraz edir və bildirir ki, əlin qanbahası beş yüz dinardır. Belə dəyərli olan bir əli dörddəbir dinara görə necə kəsmək olar? Sözsüz ki, Əbul-Aləinin bu dediyi cahillikdir, çünki Uca Allah əlin qanbahasını beş yüz dinar etməklə insanı qorumuşdur. Başqalarının malına təcavüz edilməyin qarşısını almaq üçün isə dörddəbir dinara görə əlin kəsilməsini buyurmuşdur. Bəzi alimlər Əbul-Aləinin bu şeirinə belə cavab vermişlər:
Əl, əmanəti qorumaqla dəyər qazanır,
Əgər əmanətə xəyanət edərsə, heç bir dəyəri qalmır.
Həmçinin rəvayət edilir ki, əş-Şafii ona belə cavab vermişdir:
Burada məzlum olduğu üçün Uca Allah onu yüksək dəyərləndirmişdir,
Burada isə zalım olduğu üçün Allah dərgahında dəyəri düşmüşdür).
Bu şeir deyildikdən sonra hər tərəfə yayıldı. Əbul-Aləi əl-Muərri alimlər tərəfindən axtarılmağa başladıqda isə Bağdaddan qaçıb getdi. Onun bu şeirinə bir çox insan cavab verdi. Qazi Abdul-Vahhab əl-Maliki ona belə cavab verdi: “Əl sadiq olduqda dəyərli idi, xain olduqda isə dəyərdən düşdü”. Bəzi alimlər isə belə cavab verdilər: “Bu hökm İslam şəriətinin gizli hikmətinə və cəmiyyətin mənafeyinin üstün tutulmasına dəlalət edir. Belə ki, cinayət törədildikdə əli təcavüzdən qorumaq üçün onun qanbahasının artırılaraq beş yüz dinar edilməsi son dərəcə münasibdir. Oğurluq edildikdə isə insanların malları oğurlanmasın deyə, oğrunun əlinin dörddəbir dinara görə kəsilməsi son dərəcə münasibdir. Ağıl sahibləri üçün bu özü bir hikmətdir”. Bu səbəbdən Uca Allah ayədə “etdikləri əməlin cəzası... olaraq” buyurur. Yəni, əlləri ilə insanların mallarını oğurlamaqla tutduqları pis işin cəzası olaraq, bu oğurluqda istifadə etdikləri əllərinin kəsilməsi uyğundur. “Allahdan bir ibrət olaraq”, yəni bu günahı etdikləri üçün Allahdan bir əzab olaraq. “Allah qüdrətlidir”, yəni intiqam almağa qadirdir, “hikmət sahibidir”, yəni verdiyi əmrlərdə, qoyduğu qadağalarda və şəriət qanunlarında, yazdığı qəzavü-qədərdə hikmət sahibidir.
Sonra Uca Allah buyurur: “Kim bu haqsızlığından sonra tövbə edib özünü düzəldərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”, yəni kim oğurluq etdikdən sonra tövbə edib Allaha üz tutarsa, Allah Özü ilə onun arasında olan günahlara görə tövbəsini qəbul edər. O ki qaldı insanlardan oğurladığı mallara, bu malları onlara qaytarmalıdır və ya əvəzini ödəməlidir. Bu, əksər alimlərin rəyidir. Əbu Hənifəyə görə isə, əgər oğrunun əli kəsilərsə, oğurladığı malları geri qaytarmır və ya əvəzini ödəmir. əd-Dəraqutni Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərin ﷺ yanına məxmər bürüncək oğurlamış bir kişi gətirildi. Peyğəmbər ﷺ dedi: “Bu kişinin oğurluq etdiyinə şübhə edirəm”. Oğru dedi: “Bəli, oğurlamışam, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ dedi: “Elə isə aparın və əlini kəsin. Sonra (qanaxmanı saxlamaq üçün) kəsilən yerə damğa vurun və mənim yanıma gətirin”. Oğrunun əli kəsildikdən sonra onu Peyğəmbərin ﷺ yanına gətirdilər. Peyğəmbər ﷺ oğruya: “Etdiyin əməldən tövbə et!”– dedi. O da: “Allaha tövbə etdim”– dedi. Peyğəmbər ﷺ dedi: “Bil ki, Allah sənin tövbəni qəbul etdi”. (əd-Dəraqutni, 3163; əl-Hakim, 8150. Hədis zəifdir. Bax: İrvaul-Ğalil, 2431).
Bu hədis başqa bir isnadla mursəl olaraq rəvayət edilmişdir. Əli ibn əl-Mədini və İbn Xuzeymə hədisin mursəl olduğunu daha üstün görmüşlər. İbn Məcə Sələbə əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Amr ibn Səmura Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən filan qəbiləyə məxsus dəvəni oğurlamışam, məni bu günahdan təmizlə”. Peyğəmbər ﷺ onlara xəbər göndərdikdə, onlar: “Bəli, bizim dəvəmiz itib”– dedilər. Peyğəmbər ﷺ oğrunun əlinin kəsilməsini əmr etdi və onun əli kəsildi. Amr ibn Səmuranın əli kəsilərkən belə deyirdi: “Həmd olsun o Allaha ki, məni səndən (əlini nəzərdə tutur) təmizlədi. Sən mənim cəsədimi Oda salmaq istəyirdin”. (İbn Məcə (2588). (Əhməd Şakir). İbn Məcə, 2588. Hədis zəifdir. Bax: Daif İbn Məcə, 562).
İmam Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin ﷺ dövründə bir qadın oğurluq etmişdi. Malı oğurlanmış kəslər qadını tutub Peyğəmbərin ﷺ yanına gətirərək: “Ey Allahın Elçisi, bu qadın bizim malımızı oğurlamışdır”– dedilər. Qadının qəbiləsi: “Biz onun oğurladığının əvəzini verərik”– dedikdə, Peyğəmbər ﷺ: “Onun əlini kəsin!”– buyurdu. Onlar: “Biz oğurladığının əvəzinə beş yüz dinar fidyə veririk”– dedikdə, Peyğəmbər ﷺ: “Onun əlini kəsin!”– buyurdu. Beləliklə, qadının sağ əli kəsildi. Qadın soruşdu: “Mənim tövbəm qəbul olundumu, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Bəli, bu gün sən anandan olduğun gündəki kimi, günahlardan təmizləndin”. Uca Allah da “əl-Maidə” surəsindəki bu ayəni nazil etdi: “Kim bu haqsızlığından sonra tövbə edib özünü düzəldərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”. (Əhməd (6657); ət-Tabəri (11917). Hədisin isnadı səhihdir. Hədis “Məcməuz-Zəvaid” (6/276) əsərində yer almışdır. (Əhməd Şakir). Əhməd, 6657. Şueyb əl-Arnavut və Ali Nasr isnadının zəif olduğunu bildirmişlər).
Hədisdə oğurluq etdiyi bildirilən qadın Bənu Məxzum qəbiləsindən idi. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişədən (Allah ondan razı olsun) onun barəsində hədis rəvayət edilmişdir. Aişə belə demişdir: “Peyğəmbərin ﷺ dövründə Fəth döyüşü ərəfəsində oğurluq edən (Bənu Məxzum qəbiləsindən olan) qadının halı Qureyşi çox narahat edirdi. Onlar öz aralarında dedilər: “Bu qadına görə (Yəni, kim bu qadına veriləcək cəzanın yüngülləşdirilməsi üçün havadarlıq edə bilər?) Peyğəmbərlə ﷺ kim danışa bilər? Buna ancaq Peyğəmbərin ﷺ sevimlisi olan Usəmə ibn Zeyd cəsarət edə bilər”. Usəmə ibn Zeyd Peyğəmbərin ﷺ yanına gələrək qadın barədə onunla danışdı. Peyğəmbərin ﷺ qəzəbdən üzünün rəngi dəyişdi və dedi: “Allahın qoyduğu cəzalardan birinə görə şəfaətçilik etməyə gəlmisən?!” Usəmə dedi: “Ey Allahın Elçisi, mənim üçün Allahdan bağışlanma dilə!” Axşama yaxın Peyğəmbər ﷺ qalxıb xütbə verdi. Xütbəsində Allaha layiqli şəkildə həmd-səna edib sonra dedi: “Sizdən əvvəlki ümmətləri həlak edən səbəblərindən biri də bu idi ki, onlardan zadəgan (ailəsindən olan) birisi oğurluq etsəydi, ona dəyməzdilər, amma kasıb oğurluq etsəydi, onu cəzalandırardılar. Mənə gəlincə isə, canım əlində olan Allaha and içirəm ki, əgər Muhəmmədin qızı Fatimə oğurluq etsəydi, onun əlini kəsərdim”. Sonra əmr etdi və oğurluq edən qadının əlini kəsdilər”. Aişə dedi: “Sonra bu qadın səmimi tövbə etdi və ərə getdi. Bundan sonra həmin qadın ehtiyacı olduqda, mənim yanıma gələrdi və mən də onun ehtiyacını Peyğəmbərə ﷺ çatdırardım”. Hədisin bu mətni Muslimə aiddir. (Muslim, 3197, 4506; əl-Buxari, 3216, 3475, 6290, 6788). Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Bənu Məxzum qəbiləsindən olan bu qadın qonşu qadınların adından bəzi əmanətlər (zinət əşyaları) götürərdi, sonra onları danardı. Bu səbəbdən Peyğəmbər ﷺ onun əlinin kəsilməsini əmr etdi”. Bu hədisi İmam Əhməd, Əbu Davud və ən-Nəsəi rəvayət etmişlər. Hədisin mətni ən-Nəsəiyə aiddir. (ən-Nəsəi “Sunən” 4805, 4905. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 4888). Oğurluq əhkamları barədə bir çox hədislər varid olmuşdur. Bu hədislər “əl-Əhkəm” adlı əsərimizdə var. Həmd Allahadır, nemət Allahdandır.
Sonra Uca Allah buyurur: “Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allaha məxsusdur?”, yəni bütün bunların sahibi Odur. Onlar arasında hökm edən Odur. Onun hökmünü ləğv edən olmaz. O, istədiyini edəndir. “O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir”.
əl-Maidə, 41-44
يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ قُلُوبُهُمْ وَمِنَ الَّذِينَ هَادُوا سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ يُحَرِّفُونَ الْكَلِمَ مِنْ بَعْدِ مَوَاضِعِهِ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَذَا فَخُذُوهُ وَإِنْ لَمْ تُؤْتَوْهُ فَاحْذَرُوا وَمَنْ يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَنْ تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا أُولَئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَنْ يُطَهِّرَ قُلُوبَهُمْ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ * سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِنْ جَاءُوكَ فَاحْكُمْ بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِنْ تُعْرِضْ عَنْهُمْ فَلَنْ يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُمْ بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ * وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِنْدَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنْ بَعْدِ ذَلِكَ وَمَا أُولَئِكَ بِالْمُؤْمِنِينَ * إِنَّا أَنْزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِنْ كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ
41. Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə “İman gətirdik!” deyən kimsələrdən və yəhudilərdən küfrə can atanların halı səni kədərləndirməsin. Onlar yalanı həvəslə dinləyir, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asırlar. Bunlar haqqı bildikdən sonra kəlmələrin yerlərini dəyişdirib onlara deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox, əgər o verilməsə, ondan çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rəzillik, axirətdə isə böyük bir əzab vardır.
42. Onlar yalana həvəslə qulaq asır və daima haram yeyirlər. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver, və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
43. İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda, onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyillər.
44. Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini Allaha təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər.
Bu ayələr Allaha və Onun Elçisinə ﷺ itaət etməkdən boyun qaçırıb küfrə can atan və öz rəylərini Allahın hökmlərindən üstün tutanlar barədə nazil olmuşdur. Uca Allah buyurur: “Qəlbləri iman gətirmədiyi halda ağızları ilə “İman gətirdik!” deyən kimsələrdən...”, yəni dillərilə mömin olduqlarını göstərirlər, lakin qəlbləri imandan uzaq və boşdur. Məhz onlar münafiqlərdir. Həmçinin “yəhudilərdən küfrə can atanların halı səni kədərləndirməsin”, onlar İslamın və müsəlmanların düşmənləridir. Bunların hamısı “yalanı həvəslə dinləyir”, yəni yalana qulaq asar və ondan təsirlənərlər, “həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asırlar”, yəni sənin məclisində olmayanlara qulaq asarlar. Bəzi alimlər demişlər: “Yəni onlar sənin yanında sözü dinləyər, sonra bu sözü sənin məclisində iştirak etməyən düşmənlərinə çatdırarlar”. “Bunlar haqqı bildikdən sonra kəlmələrin yerlərini dəyişdirib”, yəni sözləri düzgün olmayan mənada açıqlayarlar, sözü eşidib anladıqdan sonra, bilə-bilə onu dəyişərlər. “Onlara deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox, əgər o verilməsə, ondan çəkinin!” Deyilənə görə, bu ayə bir nəfəri öldürmüş bir yəhudi qəbiləsi barədə nazil olmuşdur. Onlar dedilər: “Gəlin mühakimə üçün Muhəmmədə müraciət edək! Əgər qanbahası verilməsini hökm edərsə, dediyinə əməl edək, əgər qisas hökmü verərsə, ona qulaq asmayaq”.
Doğru olan budur ki, bu ayə zina edən iki yəhudi barədə nazil olmuşdur. Yəhudilər öz əlləri ilə Allahın kitabını dəyişdirmişlər. Onlar öz aralarında razılığa gələrək evli zinakarın daşqalaq edilməsi əmrini təhrif edib, onlara yüz çubuq vurmaq və üzlərini qaraldaraq tərsinə uzunqulağa mindirməklə əvəz etmişlər. (Yəni, evli zinakarların daşqalaq edilməsi hökmünü dəyişərək, yüz çubuq vurduqdan sonra zinakarların üzlərini his-pasla qaraldıb, uzunqulağa tərsinə mindirərək, camaat arasında dolaşdırmaqla əvəz etdilər). Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra bu hadisə (evli insanların zina etməsi) baş verdikdə, yəhudilər öz aralarında dedilər: “Gəlin mühakimə üçün Muhəmmədə müraciət edək. Əgər evli zinakarı şallaqlamaq və üzlərini hisə bulamaq hökmünü verərsə, onu qəbul edək və bunu Allahla öz aramızda hüccət edək. Belə ki, Allahın peyğəmbərlərindən biri bizim aramızda belə hökm vermişdir. Yox, əgər daşqalaq edilməsini hökm verərsə, ona tabe olmayaq”.
Bu barədə bir çox hədislər varid olmuşdur. Necə ki İmam Malik Nafidən, o da Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə yəhudilər Peyğəmbərin ﷺ yanına gəlib içlərindən bir qadınla bir kişinin zina etdiyini bildirdilər. Peyğəmbər ﷺ onlardan: “Tövratdan (evli) zinakarın daşqalaq edilməsi barədə nə bilirsiniz?”– deyə soruşdu. Onlar: “Biz (zinakarları hər yerdə) biabır edir, üstəlik də şallaqlayırıq”– dedilər. Abdullah ibn Səlam dedi: “Yalan danışırsınız. Həqiqətən, Tövratda zinakarları daşqalaq etmək əmr olunmuşdur”. Belə olduqda onlar Tövratı gətirib onun bükülü səhifələrini açdılar, sonra onlardan biri görünməsin deyə, əlini “daşqalaq” ayəsinin üstünə qoydu və həmin ayədən əvvəlki və sonrakı ayələri oxudu. Abdullah ibn Səlam dedi: “Əlini qaldır!” Adam əlini qaldırdı və orada daşqalağa aid ayə olduğunu hamı gördü. Onda onlar dedilər: “Ey Muhəmməd, Abdullah düz deyir, bu Kitabda daşqalaq ayəsi var”. Bundan sonra Peyğəmbər ﷺ onlara zinakarların daşqalaq edilməsi əmrini verdi və onları daşqalaq etdilər. Mən kişinin qadının üzərinə əyilib, onu necə daşdan qorumağa çalışdığını gördüm”. Bu hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. Hədisin mətni əl-Buxariyə aiddir. (əl-Buxari (6/463, 12/148-153 Fəthul-Bari). Hədis, həmçinin “əl-Muvatta” (səh. 819) əsərindədir. (Əhməd Şakir). əl-Buxari, 3363, 3635, 6336, 6841; Malik, 692). Başqa bir rəvayətdə belə deyilir: “Peyğəmbər ﷺ yəhudilərdən: “Zina edənləri necə cəzalandırırsınız?”– deyə soruşduqda, onlar belə cavab verdilər: “Üzlərini qaraldıb (hamının qarşısında) rüsvay edirik”. Peyğəmbər ﷺ dedi: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!” (“Ali-İmran”, 93). Onlar Tövratı gətirdilər və seçdikləri təkgözlü bir kişiyə: “Oxu!”– dedilər. Kişi Tövratı oxumağa başladı, nəhayət, bir yerə çatdıqda əlini onun üzərinə qoydu. Peyğəmbər ﷺ: “Əlini qaldır!”– dedi. Kişi əlini qaldırdı və əlinin altında “daşqalaq” ayəsi göründü. Kişi dedi: “Ey Muhəmməd, burada daşqalaq barədə ayə var, lakin biz bu hökmü öz aramızda gizlədirik”. Bundan sonra Peyğəmbər ﷺ zina edənlərin daşqalaq olunmasını əmr etdi və onları daşqalaq etdilər”. (əl-Buxari (13/432 Fəthul-Bari); Əhməd (4498). (Əhməd Şakir). əl-Buxari, 6988, 7543). Muslimin rəvayəti isə belədir: “Bir dəfə Peyğəmbərin ﷺ yanına zina etmiş bir yəhudi kişi və qadın gətirdilər. Peyğəmbər ﷺ durub yəhudilərin yanına gəldi və dedi: “Tövratda zina edənin cəzası haqda nə bilirsiniz?” Onlar dedilər: “Onların üzlərini qaraldırıq, sonra onları uzunqulağın üzərinə tərsinə mindiririk və şəhərdə dolaşdırırıq”. Peyğəmbər ﷺ dedi: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!” (“Ali-İmran”, 93). Onlar Tövratı gətirib oxudular. Daşqalaq barədə ayəyə çatdıqda, Tövratı oxuyan gənc oğlan əlini “daşqalaq” ayəsinin üzərinə qoydu və bu ayədən həm əvvəl, həm də sonrakı ayəni oxudu. Peyğəmbərlə ﷺ birgə olan Abdullah ibn Səlam (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ dedi: “Ona əmr et, əlini çəksin”. Oğlan əlini qaldırdı və əlinin altında “daşqalaq” ayəsi göründü. Bundan sonra Peyğəmbər ﷺ əmr etdi və zinakarlar daşqalaq edildilər”. Abdullah ibn Ömər (Allah ondan razı olsun) dedi: “Mən də onları daşlqalaq edənlərdən biri idim. Mən kişinin öz bədəni ilə qadını daşlardan necə qoruduğunu gördüm”. (Muslim, 3211, 4533).
İmam Əhməd Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə yəhudilər üzünü hislə qaraltdıqları və şallaqladıqları bir yəhudi ilə Peyğəmbərin ﷺ yanından keçib getdikləri zaman Peyğəmbər ﷺ onları çağırıb dedi: “Sizin Kitabınızda zinakarı bu cür cəzalandırmaq əmr olunub?” Onlar: “Bəli”– deyə cavab verdilər. Peyğəmbər ﷺ onların alimlərindən birini çağırıb dedi: “Səni Tövratı Musaya nazil edən Allaha and verirəm! De görüm, sizə kitabınızda zinakarı belə cəzalandırmaq əmr olunub?” O dedi: “Xeyr! Əgər sən Allaha and verməsəydin, mən sənə bu barədə xəbər verməzdim. Həqiqətən, zinakarın daşqalaq olunması bizə əmr edilib, lakin zina edənlərin çoxu bizim adlı-sanlı insanlardan olduğu üçün biz onları cəzasız buraxır və yalnız zəifləri cəzalandırırdıq. Sonra qərara gəldik ki, elə bir hökm çıxaraq ki, hamıya şamil edilsin. Elə buna görə də daşqalağın hökmünü üzün hislə qaraldılması və şallaqlanma ilə əvəz etdik”. Peyğəmbər ﷺ: “Allahım! Həqiqətən, mən sənin ləğv edilmiş əmrini qüvvəyə mindirən ilk şəxsəm”,– dedi. Sonra yəhudini daşqalaq etməyi əmr etdi və onlar da onun əmrini yerinə yetirdilər. Uca Allah da bu ayəni sonuna qədər nazil etdi: “Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən və yəhudilərdən küfrə can atanların halı səni kədərləndirməsin...”. “Onlara deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox, əgər o verilməsə, ondan çəkinin!”, yəni onlar deyirlər: “Muhəmmədin yanına gedin! Əgər sizə zinakarı hisə bulayıb şallaqlamağı əmr edərsə, onun dediyini qəbul edin, yox, əgər daşqalaq etməyə fətva verərsə, qəbul etməyin!” Uca Allah “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” (“əl-Maidə”, 44) və “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar” (“əl-Maidə”, 45) ayələrini yəhudilər barədə, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər” (“əl-Maidə”, 47) ayəsini isə bütün kafirlər barədə nazil etdi”. Bu hədisi Muslim, Əbu Davud, ən-Nəsəi və İbn Məcə də rəvayət etmişlər. əl-Buxari isə rəvayət etməmişdir. (Əhməd (4/268 Hələbi nəşri); Muslim (2/37); ət-Tabəri (12034, 12036, 11922, 11939, 12022). (Əhməd Şakir). Muslim, 3212, 4536; Əhməd, 18525, 18548, 18724).
İmam Əbu Bəkr Abdullah ibn Zubeyr əl-Humeydi özünün “Musnəd” əsərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Fədək camaatından olan bir (yəhudi) kişi zina etmişdi. Fədəkdə yaşayan yəhudilər Mədinədəki yəhudilərə belə bir məktub yazdılar: “Bu (zinakarın hökmü) barədə Muhəmməddən soruşun. Əgər sizə zinakarı şallaqlamağı əmr etsə, onu qəbul edin. Yox, əgər daşqalaq etməyi əmr etsə, bunu qəbul etməyin”. Mədinədəki yəhudilər bu barədə Peyğəmbərdən ﷺ sorşduqda, o dedi: “Aranızdan ən elmli iki nəfəri mənim yanıma göndərin”. Yəhudilər İbn Suriya adlı təkgöz bir kişi ilə başqa bir kişini Peyğəmbərin ﷺ yanına gətirdilər. Peyğəmbər ﷺ onlara dedi: “Siz qövmünüzün ən elmli olanısınız?” Onlar: “Bəli, qövmümüz bizi belə adlandırır”, – dedilər. Peyğəmbər ﷺ dedi: “İçində Allahın hökmü olan Tövrat yanınızdadırmı?” Onlar: “Bəli”, – dedilər. Peyğəmbər ﷺ dedi: “Sizi İsrail oğulları üçün dənizi yaran və üzərinizə buludu kölgə olaraq göndərən, sizi Fironun tərəfdarlarından xilas edən və sizə manna (“əl-Bəqərə” surəsinin 57-ci ayəsinin təfsirinə bax). ilə bildirçin əti göndərən Allaha and verirəm, Tövratda zinakarın daşqalaq edilməsi barədə ayə bilirsiniz?” Onlardan biri digərinə tərəf çönərək: “Belə bir andla heç vaxt qarşılaşmamışam”, – dedi. Sonra dedilər: “Biz Tövratda, naməhrəmə (təsadüfi) bir nəzərdən artıq nəzər salmağın, naməhrəmi qucaqlamağın və öpməyin zina olduğunu oxuyuruq. Habelə, əgər dörd şahid, kişinin öz cinsiyyət üzvünü milin sürmə qabına girdiyi kimi (qadının cinsiyyət üzvünə) salıb-çıxardığına şahidlik edərsə, bu halda (həm kişini, həm də qadını) daşqalaq etmək vacib olur”. Peyğəmbər ﷺ: “(Evli) zinakarın hökmü məhz belədir”, – deyib zinakarların daşqalaq edilməsini əmr etdi və onları daşqalaq etdilər. Uca Allah da bu ayəni nazil etdi: “Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir”. Oxşar hədisi Əbu Davud və İbn Məcə də rəvayət etmişlər. (əl-Humeydi, 1294,1348. Ali Nasr hədisin həsən olduğunu bildirmişdir).
Bu hədislər dəlalət edir ki, Peyğəmbər ﷺ onlar barədə Tövratın hökmünə uyğun hökm vermişdir, lakin bu, onların etiqadlarının doğru olması mənasına gəlmir. Çünki şəkk yoxdur ki, yəhudilərə Muhəmmədin ﷺ gətirdiyi şəriətə tabe olmaq əmr olunmuşdur. Peyğəmbər ﷺ Uca Allahdan aldığı xüsusi bir vəhyə görə belə etmişdir. Peyğəmbərin ﷺ onlardan bunu soruşmaqda məqsədi isə əllərində olan Kitabın (Tövratın) hökmünü gizlədib inkar etmələrini və uzun əsrlər boyu ona əməl etmədiklərini onlara etiraf etdirmək idi. Yəhudilərin Tövratda olan əmrlərə müxalif olmalarını etiraf etmələri ilə azğınlıqları, inadkarlıqları və əllərində olan Kitabdan doğru saydıqları hökmləri yalan saymaları üzə çıxdı. Peyğəmbərə ﷺ müraciət etmələrinin səbəbi isə Peyğəmbərin ﷺ verəcəyi hökmün doğruluğuna inandıqlarına görə deyil, Peyğəmbərin ﷺ verdiyi hökmün onların rəylərinə uyğun olduğuna və öz nəfsi istəklərinə tabe olduqlarına görə idi. Buna görə onlar belə deyirdilər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə”, yəni zinakarın şallaqlanması hökmü verilsə, “onu götürün”, yəni onu qəbul edin, “Yox, əgər o verilməsə, ondan çəkinin!”, yəni onu qəbul etməyin.
Uca Allah buna cavab olaraq buyurur: “Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rəzillik, axirətdə isə böyük bir əzab vardır. Onlar yalana həvəslə qulaq asır”, yəni batil sözlərə həvəslə qulaq asır “və daima haram yeyirlər”. İbn Məsud və başqalarının dediklərinə görə, burada haram dedikdə, rüşvət nəzərdə tutulur. Yəni bu xislətlərə sahib olanların qəlbini Allah necə təmizləsin? Onların duasını necə qəbul etsin?
Sonra Uca Allah Öz Peyğəmbərinə ﷺ deyir: “Əgər onlar sənin yanına gəlsələr”, yəni mühakimə üçün sənə müraciət etsələr, “aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər”, yəni sən onlar arasında hökm verməyə məcbur deyilsən. Çünki onların hökm vermək üçün sənə müraciət etməkdə məqsədləri haqqa tabe olmaq deyil, öz nəfsi istəklərinə uymaqdır. İbn Abbas, Mucahid, İkrimə, əl-Həsən, Qatədə, əs-Suddi, Zeyd ibn Əsləm və Əta əl-Xorasani demişlər: “Bu ayənin hökmünü Uca Allahın “Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma” ayəsi nəsx (ləğv) etmişdir”. (Ayənin nəsx olunması barədə İbn Abbasdan (Allah ondan razı olsun) gələn rəvayət 48-ci ayənin təfsirində Allahın izni ilə gələcək. Həmin ayənin təfsirində bu barədə ətraflı danışacağıq. (Əhməd Şakir).
Uca Allah buyurur: “Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver”, yəni onların zalım və ədalətsiz tayfa olmalarına baxmayaraq, sən onların arasında haqq və ədalətlə hökm ver. “Şübhəsiz ki, Allah ədalətli olanları sevir”.
Sonra Uca Allah yəhudilərin xarab fikirlərini və azğın niyyətlərini inkar edərək əllərində olan və doğru olduğuna inandıqları Kitabın hökmlərini tərk etdikləri üçün onları qınayır. Onlar özlərinə bu Kitaba daim tabe olmaq əmr olunduğunu iddia etdikləri halda, onun hökmlərini tərk edib, batil olduğuna və onlara lazım olmadığına inandıqları başqa hökmlərə üz tuturlar. Uca Allah bütün bunları onların əleyhinə dəlil gətirərək buyurur: “İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda, onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyillər”.
Uca Allah ardından qulu və elçisi İmran oğlu Musaya nazil etdiyi Tövratı tərifləyərək buyurur: “Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini Allaha təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər”, yəni peyğəmbərlər Tövratda olan hökmlərdən kənara çıxmaz, onu təhrif edib dəyişməzdilər. “Din xadimləri və elm adamları isə”, yəni həmçinin elmli abidlər və alimlər “Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər”, yəni hökmlərini insanlara bildirmələri və özlərinin də əməl etmələri əmr olunan Allahın Kitabından qorunanlarla hökm verərdilər. “Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun!”, yəni onlardan qorxmayın, məndən qorxun. “Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər”. Bu barədə iki fərqli rəy var. Bunları qarşıda açıqlayacağıq.
Bu ayələrin digər nazilolma səbəbləri barədə
İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allah: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” (“əl-Maidə”, 44), “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar” (“əl-Maidə”, 45) və “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər” (“əl-Maidə”, 47) ayələrini iki yəhudi qəbiləsi (Bənu Nədir və Bənu Qureyzə) barədə nazil etmişdir. Belə ki, cahiliyyət dövründə bu qəbilələrdən biri (Bənu Nədir) digərindən (Bənu Qureyzədən) daha şərəfli sayılırdı. Onlar öz aralarında şərəfli sayılan qəbilənin (Bənu Nədir) şərəfli sayılmayan qəbilədən öldürdüyü hər adama qarşılıq olaraq qanbahası əlli vəsəq (1 vəsəq – 60 saaya bərabərdir. 1 saa isə təqribən 3 kq-dır. Beləliklə, 60 vəsəq 180-200 kq-a bərabərdir). xurma verməsi barəsində razılığa gəlmişdilər. Şərəfli sayılmayan qəbilə isə şərəfli sayılan qəbilədən öldürdüyü hər adama qarşılıq olaraq qanbahası yüz vəsəq xurma verməli idi. Peyğəmbər ﷺ Mədinəyə gələnə qədər bu hal belə davam etdi. Peyğəmbər ﷺ Mədinəyə gəldikdən sonra şərəfli sayılmayan qəbilədən bir kişi digər qəbilədən olan bir kişini öldürdü. Şərəfli sayılan qəbilə digər qəbiləyə xəbər göndərərək yüz vəsəq xurma göndərmələrini tələb etdi. Digər qəbilə dedi: “Necə ola bilər ki, dinləri bir, soyları bir, yaşadıqları şəhər bir olan iki qəbilə arasında birinin qanbahası digərinin qanbahasının yarısı qədər olsun? Bizi sıxışdırdığınıza görə qorxumuzdan bu imtiyazı sizə vermişdik, lakin Muhəmməd Mədinəyə gəldikdən sonra bunu sizə vermərik”. İş o yerə gəlib çatdı ki, az qala aralarında döyüş başlayacaqdı. Sonra bu iki qəbilə Peyğəmbəri ﷺ aralarında hakim təyin etməyə razılaşdılar. Şərəfli sayılan qəbilə toplaşaraq öz aralarında belə danışdılar: “Allaha and olsun ki, Muhəmməd bizə onların verdiyi qanbahasının ikiqatını verməyəcək. Onlar doğru söyləyirlər. Onları sıxışdırıb alçaltdığımıza görə bunu bizə vermək məcburiyyətində qalmışdılar. Odur ki, Muhəmmədin yanına gizlincə bir nəfər göndərib onun bu məsələ barədə rəyini öyrənin. Əgər sizin istədiyiniz hökmü versə, onu aranızda hakim təyin edərsiniz. Yox, əgər istədiyiniz hökmü verməsə, ondan çəkinin və onu aranızda hakim təyin etməyin”. Onlar Peyğəmbərin ﷺ fikirini öyrənmək üçün münafiqlərdən bir neçəsini hiylə ilə onun yanına göndərdilər. Onlar Peyğəmbərin ﷺ yanına gəldikdə, Uca Allah Peyğəmbərə ﷺ onların halını bildirdi və “Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən və yəhudilərdən küfrə can atanların halı səni kədərləndirməsin” (“əl-Maidə”, 41) – ayəsindən bu ayəyə kimi: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər” (“əl-Maidə”, 47) – nazil etdi. Allaha and olsun ki, Uca Allah bu ayələri onlar barədə nazil etmiş və bu ayələrdə onları nəzərdə tutmuşdur”. Oxşar hədisi Əbu Davud da rəvayət etmişdir. (Əhməd (2212). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 4496. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2552).
İbn Cərir Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “əl-Maidə” surəsindəki ayələr: “Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir” ta ki, “Şübhəsiz ki, Allah ədalətli olanları sevir”– sözünə qədər olan ayə Bənu Nədir və Bənu Qureyzə qəbilələri arasında olan qanbahasına görə nazil olmuşdur. Belə ki, Bənu Nədir qəbiləsindən ölənlər daha şərəfli sayılardılar və onlar üçün qanbahası tam olaraq ödənilərdi. Bənu Qureyzə qəbiləsindən ölənlər üçün isə qanbahasının yarısı ödənilərdi. Onlar bu barədə hökm vermək üçün Peyğəmbərə ﷺ müraciət etdilər. Uca Allah da onlar barədə bu ayəni nazil etdi. Peyğəmbər ﷺ bu məsələdə onları haqqa yönəldərək qanbahasını bərabər etdi. Bu iki qəbilədən hansının qanbahasının doğru olduğunu Allah bilir”. Oxşar hədisi İmam Əhməd, Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər. (ət-Tabəri (11974); Əhməd (3434); Əbu Davud (3591); İbn Hişamın “Sira” əsəri (səh. 395-396). Hədisdə keçən “Bu iki qəbilədən hansının qanbahasının doğru olduğunu Allah bilir” cümləsi İbn İshaqın sözüdür. (Əhməd Şakir). ət-Tabəri, 12028). Sonra İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bu iki qəbilə Bənu Qureyzə və Bənu Nədir qəbilələri idi. Bənu Nədir qəbiləsinin sakinləri Bənu Qureyzə qəbiləsinin sakinlərindən daha şərəfli sayılırdılar. O zaman Bənu Qureyzə qəbiləsindən olan bir şəxs Bənu Nədir qəbiləsindən olan hər hansı bir şəxsi öldürsəydi, bunun müqabilində onu öldürərdilər. Əks halda, Bənu Nədir qəbiləsi onlara qanbahası olaraq yüz vəsəq xurma verərdi. İslam dini gəldikdən sonra Bənu Nədirdən olan bir şəxs Bənu Qureyzədən olan bir şəxsi öldürdü və onlar da: “Onu bizə təslim edin, onu öldürək!”– deyə qatili tələb etdilər. Bənu Nədirdən olanlar dedilər: “Bizimlə sizin aranızda hakim Muhəmməd olacaq”. Onlar Peyğəmbərin ﷺ yanına gəldikləri zaman bu ayə nazil oldu: “Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver”. Oxşar hədisi Əbu Davud, ən-Nəsəi, İbn Hibban və əl-Hakim də rəvayət etmişlər. (ət-Tabəri (11975); Əbu Davud (4494). (Əhməd Şakir). ət-Tabəri, 12029). Qatədə, Muqatil ibn Həyyan, İbn Zeyd və başqaları da belə demişlər. İbn Abbasdan (Allah ondan razı olsun) bu ayələrin zina etmiş iki yəhudi barədə nazil olması da rəvayət edilir. Bu barədə hədislər əvvəl keçdi. Ola bilsin, ayələrin nazilolma səbəbi eyni vaxtda baş verən hər iki hadisə olmuşdur. Ən doğrusunu Allah bilir.
Bu səbəbdən Uca Allah sonrakı ayədə “Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara da misli ilə qisas alınmalıdır”– deyə buyurur. Bu da ayənin nazilolma səbəbinin qisas məsələsi olduğu fikrini qüvvətləndirir. Ən doğrusunu Uca və Nöqsansız Allah bilir.
Uca Allah buyurur: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər”. əl-Bəra ibn Azib, Huzeyfə ibn əl-Yəmən, İbn Abbas, əl-Həsən əl-Bəsri və digərləri demişlər: “Bu ayə Kitab əhli barədə nazil olmuşdur”. əl-Həsən əl-Bəsri: “Bu, bizə vacibdir”– deyə əlavə etmişdir.
İbn Cərir Əlqamə və Məsruqdan rəvayət etmişdir ki, bir dəfə onlar Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rüşvət barədə soruşmuşlar. Abdullah ibn Məsud: “Haramdır”– deyə cavab vermişdir. Onlar: “Hökm edərkən (rüşvət almaq) necə?”– soruşduqda, o: “Bu küfrdür”– deyə cavab vermiş və Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” ayəsini oxumuşdur. (ət-Tabəri, 12061, 12215). əs-Suddi bu ayə barədə demişdir: “Kim qəsdən Allahın nazil etdiyi ilə hökm etməzsə və ya bilə-bilə haqsızlıq edərsə, o, kafirlərdəndir”. (ət-Tabəri, 12062, 12216).
Əli ibn Əbu Talhə rəvayət etmişdir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” ayəsi barədə belə demişdir: “Kim Allahın nazil etdiyini inkar etsə, artıq küfr etmişdir. Kim Allahın nazil etdiyini qəbul edib onunla hökm etməzsə, zalım və günahkar olar”. Bu rəvayəti İbn Cərir ət-Tabəri nəql etmişdir. Sonra İbn Cərir bu ayədə Kitab əhlinin və ya Uca Allahın Kitabda nazil etdiyi hökmü inkar edənlərin nəzərdə tutulduğunu deyən alimlərin rəyini seçmişdir. (ət-Tabəri, 12063, 12117).
İbn Cərir əş-Şabinin belə dediyini rəvayət etmişdir: “Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” (“əl-Maidə”, 44) ayəsi müsəlmanlar barədə, Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar” (“əl-Maidə”, 45) ayəsi yəhudilər barədə, Uca Allahın “Allahın nazil etdiyi ilə hökm ver-məyənlər – məhz onlar fasiqdirlər” (“əl-Maidə”, 47) ayəsi isə xaçpərəstlər barədə nazil olmuşdur”. (ət-Tabəri, 12042, 12096).
Abdur-Razzəq Tavusun oğlundan, o da atası Tavusdan rəvayət etmişdir ki, İbn Abbasdan (Allah ondan razı olsun) Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” ayəsi barədə soruşduqda, belə cavab verdi: “Bu, küfrdür”. Tavusun oğlu demişdir: “Lakin bu küfr Allahı, Onun mələklərini, kitablarını, elçilərini inkar edən kəsin küfrü kimi deyil”. Əta demişdir: “İslamdan çıxaran küfrdən aşağı küfr, İslamdan çıxaran zülmdən aşağı zülm, İslamdan çıxaran günahdan aşağı günahdır”. Bunu İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 12109-12110, 12055-12056; İbn Əbu Hatim, 6435). İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” ayəsi barədə demişdir: “Bu ayədəki küfr sizin nəzərdə tutduğunuz (İslamdan çıxaran küfr) deyil”. əl-Hakim “Mustədrək” əsərində rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim (2/313). əl-Hakimin rəvayəti belədir: “Bu ayədə onların (xəvariclərin) qəsd etdikləri böyük küfr nəzərdə tutulmur. Bu küfr, sahibini İslamdan çıxarmır. Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” ayəsində (böyük) küfrdən aşağı olan (İslamdan çıxarmayan) küfr nəzərdə tutulur”. əz-Zəhəbi əl-Hakimin hədisi səhih adlandırması ilə razılaşmışdır. (Əhməd Şakir). ət-Tabəri, 12053; əl-Hakim, 3219. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 6/51, h. 2552).
əl-Maidə, 45
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنْفَ بِالْأَنْفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَنْ تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَهُ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ
45. Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara da misli ilə qisas alınmalıdır. Kim bu qisası bağışlayarsa, bu, onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar.
Bu ayə də yəhudilərin məzəmmət olunduğu və qınağa məruz qaldığı ayələrdən biridir, çünki onlarda olan Tövratda cana can hökmü var. Lakin onlar bilərəkdən inadkarlıq edərək Tövratın bu hökmünə müxalif çıxırlar. Bənu Qureyzə qəbiləsindən olan bir nəfər Bənu Nədir qəbiləsindən olan bir nəfəri öldürdükdə, bu hökmü (cana-can hökmünü) tətbiq edərdilər, Bənu Nədir qəbiləsindən olan bir nəfər Bənu Qureyzə qəbiləsindən olan bir nəfəri öldürdükdə isə bu hökmü tətbiq etməzdilər. Bunun əvəzinə, Bənu Qureyzə qəbiləsinə qanbahası ödəyərdilər. Necə ki Tövratın zina edən evli adamın daşqalaq edilməsi barədə hökmünə müxalif çıxaraq, öz aralarında razılığa gəlmiş və bu hökmü dəyişərək şallaqlamaq, üzünü hisə boyamaq və insanlar arasına çıxararaq rüsvay etməklə əvəz etmişlər. Bu səbəbdən Uca Allah əvvəlki ayədə: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər” buyurur, çünki onlar bilərəkdən inadkarlıq edərək Allahın hökmünü inkar etmişlər. Bu ayədə isə: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar”– deyə buyurur, çünki zalımın etdiyi haqsızlıq qarşısında məzlumla insaflı davranmayaraq Allahın bütün insanlar arasında bərabər və ədalətli şəkildə əməl olunmasını tələb etdiyi əmrinə qarşı çıxmışlar. Beləcə, Allahın buyurduğuna müxalif olaraq haqsızlıq etmiş və bir-birlərinə qarşı həddi aşmışlar.
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ bu ayəni bu şəkildə oxumuşdur: أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنُ بِالْعَيْنِ [ənnən-nəfsə bin-nəfsi val-aynu bil-ayni]. Hədisi Əbu Davud və ət-Tirmizi də belə rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu bildirmişdir. əl-Buxari demişdir: “Bu hədisi yalnız İbn əl-Mubarək rəvayət etmişdir”. (Əhməd (13282); ət-Tirmizi (4/85); Əbu Davud (3976, 3977); əl-Hakim (2/236). əl-Hakim demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi də onunla razılaşmışdır. əl-Buxari “əl-Kunə” (455-ci hədis) əsərində və İbn Əbu Hatim (4/2/409) bu hədisə işarə etmişlər. (Əhməd Şakir). Əhməd, 13249, 13272. Hədis zəifdir. Bax: Daif Sunən Əbu Davud, 855. Hədisdə qeyd olunan qiraət əl-Kisəiyə aiddir. Əbu Amr, İbn Kəsir və İbn Amir isə ayəni وَالْجُرُوحُ قِصَاضٌ [vəl-curu:hu qisa:s] şəklində oxumuşlar. Yerdə qalan qiraətçilər isə ayəni birinci qiraətlə oxumuşlar. (Əhməd Şakir).
Bir çox üsul və fiqh alimləri bu ayəyə əsaslanaraq bildirmişlər ki, bizdən əvvəlki ümmətlərin şəriət qanunları bizim şəriətin təsdiqlədiyi və hökmünü ləğv etmədiyi təqdirdə, bizim ümmət üçün də qanun sayılır. Əksər alimlərdən məşhur olan rəy də budur. Şeyx Əbu İshaq əl-İsfarayini nəql etmişdir ki, əş-Şafii və onun əksər davamçıları ayəyə əsalanaraq bu qənaətə gəlmişlər. Digər məzhəb imamlarında olduğu kimi, bizə (əş-Şafii məzhəbinə) görə də cinayət məsələlərində hökm bu ayəyə əsaslanır. əl-Həsən əl-Bəsri demişdir: “Bu hökm həm yəhudilərə, həm də bütün insanlara aiddir”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir.
İmam Əbu Nəsr ibn əs-Sabbağ özünün “əş-Şamil” əsərində bildirmişdir ki, alimlər bu ayənin cinayət məsələlərində dəlil olaraq istifadə edilməsində yekdil rəydədirlər. Alimlər bu ayənin ümumi mənasına əsaslanaraq qadına qarşılıq kişinin öldürüldüyünü bildirmişlər. Necə ki ən-Nəsəi və digərlərinin rəvayət etdiyi hədisdə belə varid olmuşdur. Hədisdə bildirilir ki, Peyğəmbər ﷺ Amr ibn Həzmə yazdığı məktubda qadına qarşılıq kişinin öldürülməsini bildirmişdir. Başqa bir hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Müsəlmanların qanları (axıdılmasının haram olması baxımından) bərabərdir”. (Əbu Davud, 1751, 4531; İbn Məcə, 2659, 2685. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2208). Bu, əksər alimlərin rəyidir.
Əbu Hənifə bu ayənin ümumi mənasına əsaslanaraq, hətta (zimmi) kafirə qarşılıq müsəlmanın, köləyə qarşılıq isə azad insanın öldürüldüyünü bildirmişdir. Lakin əksər alimlər bu məsələdə onunla razılaşmamışlar. əl-Buxari və Muslim “Səhih” əsərlərində möminlərin əmiri Əlidən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Kafirə qarşılıq müsəlman öldürülməz”. (əl-Buxari, 2820, 3047, 6394, 6903). Köləyə qarşılıq azad insanın öldürülməsinə gəlincə, bu barədə sələflərdən müxtəlif rəvayətlər var. Bu rəvayətlərdə sələflərin kölə ilə azad insanı bərabər tutmadıqları və köləyə qarşılıq azad insanı öldürmədikləri bildirilir. Bu barədə Peyğəmbərdən ﷺ bir neçə hədis gəlsə də, bu hədislər səhih deyil. İmam əş-Şafii alimlərin bu məsələdə yekdilliklə hənəfilərin dedikləri rəyə müxalif olduqlarını nəql etmişdir. Lakin hənəfilərin rəylərinin batil olmasını demək üçün ayəni xüsusiləşdirən bir dəlil olmalıdır.
İbn əs-Sabbağın bu ayənin cinayət məsələlərində dəlil olması barədə dediyini Peyğəmbərdən ﷺ rəvayət olunan bu səhih hədis daha da qüvvətləndirir. İmam Əhməd Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Ənəsin bibisi Rubeyyi (başqa) bir gənc qızla dalaşaraq onun ön dişini sındırdı. Cinayət törədən qadının qohumları dişi sınan qızın adamlarından onu əfv etməsini xahiş etdilər, lakin onlar bundan imtina etdilər. Peyğəmbərin ﷺ yanına gəldikdə, o, cinayəti törədən qadından qisas almağı əmr etdi. Qadının qardaşı Ənəs ibn Nədr bunu eşitdikdə, dedi: “Ey Allahın Elçisi! Filankəsin dişi sındırılacaqmı?” Peyğəmbər ﷺ dedi: “Ey Ənəs, Allah qisas almağı əmr edir”. Ənəs dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, onun ön dişi qırılmayacaq!” Sonra (dişi sınan qızın qohumları) qanbahası almağa razılıq verib, qisas almaqdan vaz keçdilər. Onda Peyğəmbər ﷺ dedi: “Allahın qulları arasında elələri də var ki, onlar Allaha and içsələr, Allah onların andını gerçəyə çevirər”. (əl-Buxari, 2805-2806; Əhməd, 12302, 12324). Hədisi, həmçinin əl-Buxari və Muslim də rəvayət etmişlər.
Əbu Davud İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə kasıb bir ailənin uşağı zəngin bir ailənin uşağının qulağını qopardı. Kasıb ailə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, biz kasıb bir ailəyik”. Peyğəmbər ﷺ də onlara, qarşı tərəfə qanbahası olaraq bir şey verməyi əmr etmədi. (Əbu Davud, 4592. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 4590). Hədisi ən-Nəsəi də bu şəkildə rəvayət etmişdir. Hədisin isnadı güclü, raviləri mötəbərdir. Lakin hədisin mənası şübhə doğurur. (Burada şübhə doğuran məqam Peyğəmbərin ﷺ cinayətkarı cəzalandırmadan və qanbahası almadan əfv etməsidir). Əgər deyilsə ki, “Günahkar cinayəti törətdikdə hələ həddi-büluğa çatmamışdı, bu səbəbdən ondan qisas alınmamışdır”, bu halda hədisin mənasındakı şübhə aradan qalxar. Ola bilsin, Peyğəmbər ﷺ zəngin ailəyə veriləcək qanbahasını öz boynuna götürmüşdür və ya zəngin ailə kasıb ailəni əfv etmişdir.
Uca Allah buyurur: “...yaralara da misli ilə qisas alınmalıdır”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, cana qarşılıq can alınır, gözə qarşılıq göz çıxarılır, buruna qarşılıq burun kəsilir, dişə qarşılıq diş çıxarılır, yaraların qisası isə yaralamaqla alınır. Əgər bu cinayətlər – istər ölümlə nəticələnən olsun, istər ondan daha yüngül – qəsdən törədilərsə, bu cinayətlərdə azad müsəlman kişi və qadınlar eyni məsuliyyət daşıyırlar. Həmçinin kölə qadın və kişilər də həm ölümlə nəticələnən, həm də bundan daha yüngül qəsdən törədilən cinayətlərdə eyni məsuliyyət daşıyırlar”. Bunu İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. (İbn Əbu Hatim, 6438-6439; ət-Tabəri, 12072, 12126).
Uca Allah buyurur: “Kim bu qisası bağışlayarsa, bu, onun üçün kəffarə olar”. İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Kim cinayətkarı bağışlayarsa, bu bağışlanma haqq tələb olunan üçün (etdiyi günahdan) kəffarə, haqqını tələb edən üçün isə (haqqından keçdiyinə görə) savabdır”. Səid ibn Cubeyr Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət etmişdr: “Bu bağışlanma cinayətkar üçün (etdiyi əmələ görə) bir kəffarədir, yaralının mükafatını isə (haqqından keçdiyinə görə) Allah verəcək”. Bu rəvayəti İbn Əbu Hatim nəql etmiş və sonra demişdir: “Xeysəmə ibn Abdur-Rahmən, Mucahid, İbrahim (bir rəvayətə görə), əş-Şabi və Cabir ibn Zeyd də ayəni buna oxşar təfsir etmişlər”. (ət-Tabəri, 12086, 12140).
İbn Əbu Hatim əl-Heysəm ibn Əbul-Uryən ən-Nəxaidən rəvayət etmişdir ki, bir dəfə Abdullah ibn Amrı (Allah ondan razı olsun) kölə kimi qızarmış halda Muaviyənin yanında gördüm. Ondan Uca Allahın “Kim bu qisası bağışlayarsa, bu onun üçün kəffarə olar” ayəsi barəsində soruşduqda, mənə belə dedi: “Əfv edənin bağışladığı qədər günahlarını silər”. Hədisi İbn Cərir də rəvayət etmişdir. (ət-Tabəri (12073, 12075). Hədisin isnadında adı keçən əl-Heysəm ibn əl-Əsvəd Əbul-Uryən tanınmış tabiin və mötəbər ravidir. (Əhməd Şakir).
Sonra İbn Cərir Əbu Səfərdən rəvayət etmişdir ki, bir dəfə (Muaviəynin hakimiyyəti dövründə) bir qureyşli bir ənsarlını itələdi və onun ön dişləri qırıldı. Ənsarlı bu məsələ ilə əlaqəli Muaviyəyə müraciət etdi. Muaviyə (Allah ondan razı olsun) kişinin israr etdiyini gördükdə: “İstəyirsən, yoldaşından qisasını al”,– dedi. Bu vaxt Əbu əd-Dərdə də Muaviyənin yanında idi. Əbu əd-Dərdə məsələni eşitdikdə dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Hansı bir müsəlmanın bədəninə (başqa bir müsəlman tərəfindən) xəsarət yetirilərsə, o da cinayətkarı bağışlayarsa, Allah buna görə onun dərəcəsini artırar və günahını bağışlayar”. Ənsarlı soruşdu: “Sən özün bunu Peyğəmbərdən ﷺ eşitmisənmi?” Əbu əd-Dərdə: “Qulaqlarımla eşitdim, qəlbimlə yadda saxladım”,– dedi. Bundan sonra ənsarlı qureyşlini bağışladı. Muaviyə bunu gördükdə: “Ənsarlıya (dövlət xəzinəsindən) mal verin!”– deyə əmr etdi. (əl-Beyhəqi “Sunənul-Kubra” 15834, 16055, 16148, 16479. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4482).
İmam Əhməd Əbu Səfərdən rəvayət etmişdir ki, qureyşli bir kişi ənsarlı bir kişinin dişini sındırmışdı. Ənsarlı kişi haqqını tələb etmək üçün Muaviyədən yardım istədi. Muaviyəyə bu barədə xəbər verdikdə: “Biz onu razı salarıq”,– dedi. Ənsarlı kişi israr etdikdə, Muaviyə: “Yoldaşından qisas alınmasını istəyirsənsə, bunu edək”,– dedi. Əbu əd-Dərdə Muaviyənin yanında oturmuşdu. Bu söhbəti eşitdikdə dedi: “Mən Peyəmbərin ﷺ: “Hansı bir müsəlmanın bədəninə (başqa bir müsəlman tərəfindən) xəsarət yetirilərsə, o da cinayətkarı bağışlayarsa, Allah buna görə onun dərəcəsini yüksəldər və ya günahlarını silər” – dediyini eşitmişəm. Ənsarlı kişi bunu eşitdikdə dedi: “Mən onu bağışladım”. Hədisi ət-Tirmizi və İbn Məcə bu şəkildə rəvayət etmişlər. ət-Tirmizi sonra demişdir: “Bu, ğarib hədisdir. Əbu Səfərin Əbu əd-Dərdədən hədis eşitdiyini bilmirəm”. (ət-Tabərinin “Təfsir” kitabı (12080); Əhməd (4/448 Hələbi nəşri); ət-Tirmizi (2/305); İbn Məcə (2693). Əbu Səfərin Əbu əd-Dərdədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədis “mursəl” sayılır, çünki Əbu Səfər hicri 112 və ya 113-cü ildə, Əbu əd-Dərdə isə hicri 32-ci ildə vəfat etmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 1392, 1453. Hədis zəifdir. Bax: Daif ət-Tərğib vat-Tərhib, 1462).
İmam Əhməd Ubədə ibn əs-Samitin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Hansı bir insanın bədəni (başqası tərəfindən) yaralanarsa, o da yaralayanı əfv edərsə, Allah həmin insanın günahlarını əfv etdiyi qədər bağışlayar”. Hədisi ən-Nəsəi və İbn Cərir də rəvayət etmişlər. (ət-Tabərinin “Təfsir” kitabı (12081); Əhməd (5/316 Hələbi nəşri). Hər iki hədisin isnadı səhihdir. (Əhməd Şakir).
İmam Əhməd əl-Muhərrər ibn Əbu Hureyradan, o da Peyğəmbərin ﷺ bir səhabəsindən rəvayət etmişdir ki, “Kimin bədəni (başqası tərəfindən) yaralanarsa, sonra bunu Allah üçün keçərsə, bu, onun üçün günahlardan kəffarə olar”. (Hədisin isnadı həsəndir. Hədis zahirən səhabənin sözüdür, lakin ola bilsin bu, kitabı köçürənlərin səhvidir. Çünki İmam Əhməd “əl-Musnəd” əsərində səhabələrin sözünü yalnız hədislərə əlavə olaraq rəvayət edir. Hədisi “əl-Musnəd” əsərində də tapa bilmədim. (Əhməd Şakir). Əhməd, 22753, 22844, 23087, 23178. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2273).
Uca Allah buyurur: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar”. Əvvəlki ayələrin təfsirində Tavus və Ətadan rəvayət etdik ki, onlar bu ayələrdə İslamdan çıxaran küfrdən aşağı küfrün, İslamdan çıxaran zülmdən aşağı zülmün, İslamdan çıxaran fasiqlikdən (günahdan) aşağı fasiqliyin nəzərdə tutulduğunu demişlər.
əl-Maidə, 46-47
وَقَفَّيْنَا عَلَى آثَارِهِمْ بِعِيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَآتَيْنَاهُ الْإِنْجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِلْمُتَّقِينَ * وَلْيَحْكُمْ أَهْلُ الْإِنْجِيلِ بِمَا أَنْزَلَ اللَّهُ فِيهِ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ
46. Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilərə doğru yol göstərən və öyüd-nəsihət verən İncili verdik.
47. Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları ilə hökm versin. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər.
Uca Allah buyurur: “Onların ardınca”, yəni İsrail oğullarının peyğəmbərlərinin ardından “Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik”, yəni Tövrata inanan və onunla hökm edən bir peyğəmbər olaraq göndərdik. “Ona içərisində hidayət və nur olan”, yəni içərisində haqqa yönəldən, şübhələri aradan qaldırıb qaranlıq məsələlərə aydınlıq gətirən bir nur vardır. “Özündən əvvəlki Tövratı təsdiqləyən”, yəni Tövratın hökmlərinə tabe olan və çox az əhkamlar istisna olmaqla, heç bir hökmdə ona müxalif olmayan İncili verdik. İsa (ona salam olsun) İsrail oğullarının ixtilaf etdikləri bəzi məsələləri onlara bəyan etmişdir. Necə ki Uca Allah İsanın (ona salam olsun) İsrail oğullarına belə dediyini bildirmişdir: “Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim” (“Ali-İmran”, 50). Bu səbəbdən alimlərin məşhur görüşünə görə, İncil Tövratın bəzi hökmlərini nəsx (ləğv) etmişdir.
Uca Allah buyurur: “...müttəqilərə doğru yol göstərən”, yəni biz İncili Allahdan qorxanlara, Onun əzabından və cəzasından çəkinənlərə doğru yol göstərən, “öyüd-nəsihət verən”, yəni haramlardan və günahlardan çəkindirən bir Kitab etdik.
Uca Allah buyurur: “Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları ilə hökm versin”. Bəzi qiraətçilər bu ayəni وَلِيَحْكُمَ [və liyəhkumə] “hökm versin deyə” şəklində oxumuşlar. Bu qiraətə əsasən ayədə keçən ل “ləm” hərfi səbəb bildirən كَيْ [key] “üçün”, “deyə” ədatının mənasını verir. Yəni, İncil əhlinə İncili verdik ki, öz dövrlərində yaşayan İsanın ümməti onunla hökm versin. Bəzi qiraətçilər isə ayəni وَلْيَحْكُمْ [vəl-yəhkum] “qoy hökm versin” şəklində oxumuşlar. Bu qiraətə əsasən ayədə keçən ل “ləm” hərfi əmr bildirir. Yəni, İncildə olan hökmlərin hamısına iman gətirsinlər, orada buyurulanlara əməl etsinlər, Muhəmmədin peyğəmbərliyinə dair müjdəni gördükdə, onu təsdiqləsinlər və ona tabe olsunlar. Necə ki Uca Allah başqa ayədə belə buyurur: “De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyilsiniz” (“əl-Maidə”, 68). Başqa bir ayədə isə belə buyurur: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır” (“əl-Əraf”, 157). Bu səbəbdən Uca Allah ayənin sonunda: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər” – deyə buyurur. Yəni, Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar Rəbblərinə itaətdən boyun qaçıran, batilə meyil edən və haqdan yayınan kəslərdir. Əvvəl qeyd etdiyimiz kimi bu ayə xaçpərəstlər barədə nazil olmuşdur. Ayənin zahiri mənası da buna dəlalət edir.
əl-Maidə, 48-50
وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَكِنْ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ فَاسْتَبِقُوا الْخَيْرَاتِ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ * وَأَنِ احْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَنْ يَفْتِنُوكَ عَنْ بَعْضِ مَا أَنْزَلَ اللَّهُ إِلَيْكَ فَإِنْ تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ لَفَاسِقُونَ * أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِقَوْمٍ يُوقِنُونَ
48. Biz sənə, özündən əvvəlki kitabı təsdiqləyən və onu qoruyan Kitabı haqq olaraq nazil etdik. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm ver. Sənə gələn haqqı buraxıb, onların istəklərinə uyma. (Ey ümmətlər!) Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Fəqət bu fərqli şəriətlər və yollar sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.
49. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.
50. Yoxsa onlar cahiliyyət dövrünün hökmünü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?
Uca Allah əvvəlki ayələrdə Musaya nazil etdiyi Tövratı zikr edib təriflədikdən və qüvvədə olduğu müddətdə ona tabe olmağın vacib olduğunu əmr etdikdən, habelə İncildən danışıb, onu da tərifləyərək İncil əhlinin bu kitabdakı əmrlərə tabe olmalarının vacib olduğunu bildirdikdən sonra, bu ayələrdə şərəfli elçisi və qulu Muhəmmədə ﷺ nazil etdiyi Əzəmətli Quranı zikr etməyə başlayaraq buyurur: “Biz sənə, özündən əvvəlki kitabı təsdiqləyən və onu qoruyan Kitabı haqq olaraq nazil etdik”, yəni Biz sənə Allah dərgahından nazil olmasında heç bir şəkk-şübhə doğurmayan, özündən əvvəl nazil olmuş kitabların içindəkiləri təsdiqləyən Quranı haqq olaraq nazil etdik. Bu kitablarda Quran zikr olunaraq təriflənir və Allah tərəfindən qulu və elçisi Muhəmmədə ﷺ nazil olacağı barədə xəbər verilir. Quranın bu kitablarda vəsf edildiyi kimi nazil olması, bu kitablara əməl edən bəsirət sahiblərinin Quranın doğruluğuna imanlarını artırdı və nəticədə onlar Allahın əmrinə boyun əyərək Onun şəriətinə tabe oldular və Peyğəmbərini ﷺ təsdiq etdilər. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər” (“əl-İsra”, 107-108), yəni keçmiş peyğəmbərlərin dili ilə Muhəmmədin ﷺ gələcəyinə dair Allahın verdiyi vəd, şübhəsiz, yerinə yetəcəkdir.
Uca Allah buyurur: “...onu qoruyan”, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, Quran ona zamindir”. Həmçinin demişdir: “Quran özündən əvvəl nazil olan bütün kitablara vəkildir”. İkrimə, Səid ibn Cubeyr, Mucahid və başqalarının da belə dedikləri rəvayət edilir. İbn Cureyc demişdir: “Quran keçmiş kitabları hifz edir. Bu kitablarda Qurana uyğun olanlar haqq, ona zidd olanlar isə batildir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, Quran özündən əvvəlki kitabların hakimidir”. Bu ayənin təfsirində deyilənlər məna baxımından bir-birinə yaxındır, çünki ayədə keçən الْمُهَيْمِنُ [əl-Muheymin] sözü bütün bu mənaları ehtiva edir. Quran özündən əvvəlki bütün ilahi kitablara mühafizəçi, onların doğruluğuna şahid və onlara hakimdir. Uca Allah ən son nazil etdiyi bu Əzəmətli Kitabı ən əhatəli, ən əzəmətli və ən kamil etmişdir. Bu Kitabda özündən əvvəl nazil olmuş kitabların bütün yaxşı cəhətlərini cəm etməklə bərabər, əvvəlki kitablarda olmayan məziyyətləri (mükəmməllikləri) ona əlavə etmişdir. Buna görə də Quranı özündən əvvəlki bütün kitabların doğruluğuna şahid, onları qoruyan və onların üzərində hakim etmişdir. Uca Allah Quranın qorunmasını Öz üzərinə götürmüş və: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (“əl-Hicr”, 9) – deyə buyurmuşdur.
İbn Əbu Hatimin İkrimə, Səid ibn Cubeyr və başqalarından nəql etdiyi Uca Allahın: “onu qoruyan” sözü ilə Muhəmmədin ﷺ nəzərdə tutulduğu və onun Quranın gözətçisi olduğu rəyinə gəlincə, bu, məna baxımından doğrudur. Lakin ayənin bu şəkildə təfsir edilməsinə bir daha baxılmalıdır. Qrammatik baxımdan da bu ayənin Peyğəmbərə ﷺ aid edilməsi doğru deyil. Doğru olan birinci təfsirdir. Əbu Cəfər İbn Cərir bu təfsiri Mucahiddən nəql etdikdən sonra belə demişdir: “Belə bir təfsir ərəb dili baxımından mümkün deyil və səhvdir, çünki ayədə “onu qoruyan” feili sifəti “və” bağlayıcısı vasitəsilə “təsdiqləyən” feili sifətinə bağlanmışdır. Deməli, “təsdiqləyən” sifəti hansı ismə aiddirsə, “qoruyan” sifəti də həmin ismə (Kitaba) aiddir. Əgər Mucahid dediyi kimi olsaydı, ayədə keçən “qoruyan” feili sifəti “təsdiqləyən” feili sifətindən sonra bağlayıcısız işlənərdi”. (Bax: ət-Tabərinin təfsiri (10/380-382). (Əhməd Şakir). ət-Tabəri, 12123, 12178).
Uca Allah buyurur: “Sən onların arasında, Allahın nazil etdiyi ilə hökm ver”, yəni ey Muhəmməd, istər ərəb olsun, istər əcəm, istər savadlı olsun, istər savadsız, istər Kitab əhli olsun, istər digərləri – bütün insanlar arasında hökm verdiyin zaman Allahın bu Əzəmətli Kitabı ilə hökm ver. Habelə, səndən əvvəlki peyğəmbərlərə verilmiş və sənin şəriətində nəsx edilməmiş Allahın təsdiqlədiyi hökmlərlə hökm ver. İbn Cərir bu ayəyə belə məna vermişdir. İbn Əbu Hatim Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ hökm verməkdə ixtiyar sahibi idi. İstəsə onlar arasında hökm verər, istəsə üz çevirər və onları öz hökmlərinə qaytarardı. Nəhayət, Uca Allahın “Sən onların arasında, Allahın nazil etdiyi ilə hökm ver” ayəsi nazil oldu və Peyğəmbərə ﷺ onlar arasında bizim Kitaba uyğun hökm vermək əmr olundu”. (İbn Əbu Hatimin rəvayətinin isnadı səhihdir. Mənaca oxşar hədisi əl-Hakim (2/312) rəvayət etmiş və “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər” demişdir. əz-Zəhəbi onunla razılaşmışdır. Həmçinin hədisi daha uzun mətnlə ət-Tabəri (11996) rəvayət etmişdir. ət-Tabəri hədisi İbn Əbu Hatimin rəvayət etdiyi isnadla rəvayət etmiş, lakin Mucahidə nisbət etmişdir. Ola bilsin, hədisin İbn Abbasa (Allah ondan razı olsun) nisbət olunmaması kitabı köçürənlərin səhvidir. Doğru olan da budur. (Əhməd Şakir).
Əbu Cəfər ən-Nuhhəs özünün “ən-Nəsix vəl-Mənsux” əsərində (səh. 139) və əl-Beyhəqi “Sunənul-Kubra” əsərində (8/248-249) Sufyan ibn Huseyn vasitəsilə İbn Abbasdan (Allah ondan razı olsun) hədisi bu şəkildə rəvayət etmişlər: “İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu surədən, yəni “əl-Maidə” surəsindən iki ayə nəsx olunmuşdur. Bunlar: “əl-Qaləid” ayəsi (“əl-Maidə”, 2) və Uca Allahın “Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir” (“əl-Maidə”, 42) ayəsidir. Peyğəmbər ﷺ yəhudilər arasında hökm verməkdə ixtiyar sahibi idi. İstəsə onlar arasında hökm verər, istəsə üz döndər və onları öz hökmlərinə qaytarardı. Nəhayət, Uca Allahın “Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma” (“əl-Maidə”, 49) ayəsi nazil oldu və Peyğəmbərə ﷺ yəhudilər arasında bizim Kitaba müvafiq hökm vermək əmr olundu”. (Əhməd Şakir).
Uca Allah buyurur: “Sənə gələn haqqı buraxıb, onların istəklərinə uyma”, yəni Allahın Öz Elçisinə ﷺ nazil etdiyi hökmü tərk edərək öz aralarında razılığa gəlib ortaya çıxardıqları fikirlərə və rəylərə tabe olma. Bu cahil və zavallı toplumun istəklərinə tabe olub Allahın sənə əmr etdiyi haqdan dönmə.
Uca Allah buyurur: “(Ey ümmətlər!) Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”. İbn Əbu Hatim İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, ayədə “şəriət” dedikdə, yol, “yol” dedikdə isə sünnə (hədislər) nəzərdə tutulur. Mucahid, İkrimə, əl-Həsən əl-Bəsri və başqalarından da bu məna rəvayət edilmişdir. İbn Abbas və Mucahiddən bunun əksi, yəni “bir şəriət və bir yol” dedikdə, “sünnə” və “yol” nəzərdə tutulduğu rəvayət edilmişdir. Lakin birinci təfsir daha uyğundur, çünki ərəb dilində “şəriət” sözünün mənası “bir şeyə başlamaq” deməkdir. Necə ki ərəb dilində شَرَعَ [şəraə] feili “başlamaq” mənasında da işlənir. Həmçinin su axan arxa الشَّرِيعَةُ “şəriət” deyilir. الْمِنهَاجُ [Minhə:c] sözü isə “rahat və açıq yol” deməkdir. Sünnə də “yol” mənasını verir. Bu səbəbdən Uca Allahın “bir şəriət və bir yol” ayəsini “yol və sünnə” kimi təfsir etmək, digər mənada (“yol” və “sünnə” kimi) təfsir etməkdən daha aydın və daha uyğundur. Ən doğrusunu isə Allah bilir.
Bu ayədə Uca Allah müxtəlif dinlərə mənsub olan ümmətlərə göndərdiyi elçilərin müxtəlif şəriət hökmləri daşımasına baxmayaraq, tövhiddə (tək Allaha ibadət etməkdə) müttəfiq olduqlarını bildirir. əl-Buxarinin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Biz peyğəmbərlər ataları bir, anaları ayrı olan övladlar kimiyik, şəriətlərimiz müxtəlif olsa da, dinimiz birdir”. (Bu hədis müxtəsər olaraq “əl-Bəqərə” surəsinin 133–136-cı ayələrinin təfsirində, habelə oxşar hədis “Ali-İmran” surəsinin 124–129-cu ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 3187, 3443). Bu ifadə ilə Peyğəmbər ﷺ tövhidi (Allahı ibadətdə təkləşdirməyi) nəzərdə tutur. Uca Allah bütün elçilərini tövhidə dəvət etmək üçün göndərmiş və peyğəmbərlərə nazil edilən bütün kitablar da tövhidə dəvət etmişdir. Necə ki Uca Allah başqa ayədə belə buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25). Həmçinin buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə elçi göndərdik” (“ən-Nəhl”, 36). Peyğəmbərlərin gətirdikləri şəriətlərin əmr və qadağaları isə müxtəlifdir. Bir şey bir şəriətdə haram olduğu halda, digər şəriətdə halal ola bilər, yaxud da əksinə. Həmçinin bir şəriətdə yüngül olan hökm, digər şəriətdə şiddətli ola bilər. Şübhəsiz ki, belə etməkdə Uca Allahın böyük hikməti və tutarlı əsası var.
Qatədə Uca Allahın “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik” ayəsi barədə demişdir: “Yəni sizin hər biriniz üçün yol və sünnə təyin etdik. Sünnələr müxtəlifdir. Tövratda bir şəriət, İncildə bir şəriət, Quranda da bir şəriət var. Allah qullarından kimin itaət edib, kimin isə asi olduğunu müəyyən etmək üçün bu şəriətlərdə istədiyini halal, istədiyini də haram edər. Allahın qəbul etdiyi yeganə din isə ibadətdə Allahı təkləşdirmək və ibadətləri xalis Onun üçün etməkdir. Bütün peyğəmbərlər məhz bu dinlə göndərilmişlər”. (Oxşar hədisi ət-Tabəri (12126) Qatədədən rəvayət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6488; ət-Tabəri, 12181). Bəzi təfsir alimləri bu ayədə İslam ümmətinə xitab olunduğunu demişlər. Onlara görə, ayənin mənası belədir: “Ey İslam ümməti, “Sizin hər biriniz üçün” Quranı “bir şəriət və bir yol təyin etdik”. Hamınız ona tabe olmalısınız. Quranı doğru hədəfə aparan bir yol və sünnə, yəni açıq-aşkar bir yol və vasitə etdik”.
İbn Cəririn Mucahiddən nəql etdiyinin məzmunu bundan ibarətdir, lakin doğru olan birinci rəydir. Birinci rəyin doğru olmasına Uca Allahın ayənin davamında: “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi”– deməsi dəlalət edir. Əgər bu xitab İslam ümmətinə yönəldilmiş olsaydı, o zaman Uca Allah tək bir ümmət olan İslam ümmətinə: “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi”– deyə buyurmazdı. Əksinə, bu xitab bütün millətlərə yönəldilmişdir və Uca Allahın istəsə bütün insanları tək bir din, tək bir şəriət üzərində yaratmağa qadir olmasından xəbər verir. Lakin Uca Allah hər peyğəmbərə müəyyən bir şəriət qanunları qoymuşdur. Sonra bu şəriəti və ya bu şəriətin hökmlərinin bir qismini göndərdiyi növbəti peyğəmbərlər vasitəsilə nəsx etmişdir. Daha sonra Uca Allah qulu və elçisi Muhəmmədə ﷺ verdiyi şəriətlə əvvəlki peyğəmbərlərin hamısının şəriətlərini nəsx etmiş, onu bütün yer üzünün insanlarına peyğəmbər göndərmiş və onu peyğəmbərlərin sonuncusu etmişdir. Bu səbəbdən Uca Allah: “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Fəqət bu fərqli şəriətlər və yollar sizə verdikləri ilə sizi imtahan etməsi üçündür”– deyə buyurur. Yəni, Uca Allah müxtəlif şəriətlər göndərmişdir ki, onların vasitəsilə qullarını imtahan etsin, Ona itaət etdiklərinə və ya asi olduqlarına görə, etdikləri və ya etmək istədikləri əməllərə görə onlara savab yazsın və ya cəzalandırsın. Abdullah ibn Kəsir demişdir: “...sizə verdikləri ilə”, yəni Kitabda sizə buyurduqları ilə sizi imtahan etməsi üçündür.
Sonra Uca Allah qullarını xeyir işlərdə tələsməyə təşviq edərək: “Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın” – buyurur. Xeyir işlərdə yarışmaq dedikdə, Allaha itaət edib keçmiş şəriətləri nəsx edən dinə (İslama) tabe olmaq və Allahın ən son nazil etdiyi Kitab olan Quranı təsdiq etmək nəzərdə tutulur.
Sonra Uca Allah buyurur: “Hamınızın dönüşü Allahadır”, yəni ey insanlar, Qiyamət günü dönüşünüz Allahadır. “O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcəkdir”, yəni haqq barədə ixtilaf etdiyiniz məsələləri sizə bildirəcək. Beləcə, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandıracaq, heç bir dəlil olmadan haqqı inkar edib yalan sayan və ondan üz döndərən kafirlərə isə əzab verəcək. Əslində, kafirlər qəti dəlillər, inkaredilməz sübutlar qarşısında inadkarlıq edirlər.
Uca Allah buyurur: “Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma”. Bu ayə əvvəl keçən əmri gücləndirmək və bu əmrə qarşı çıxmağı qadağan etmək mənasını daşıyır.
Sonra Uca Allah buyurur: “Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar”, yəni sənə düşmən olan yəhudilərin səni aldadıb haqdan yayındırmalarından ehtiyat et. Çünki onlar bəzi xüsuslarda sənə maneə törədə bilərlər. Onlara aldanma, çünki onlar xain, kafir və yalançıdırlar. “Əgər onlar üz döndərsələr”, yəni onlar arasında verdiyin hökmdən üz çevirsələr və Allahın şəriətinə qarşı çıxsalar, “bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir”, yəni bil ki, bütün bunlar Allahın hikməti və qədəri ilə baş verir. Belə ki, Uca Allah onları keçmiş günahlarına görə doğru yola yönəltmək istəmir. Onların azmalarına və əzaba düçar olmalarına məhz bu günahlar səbəb olmuşdur. “Həqiqətən, insanların çoxu fasiqlərdir”, yəni insanların əksə-riyyəti Rəbblərinin itaətindən çıxmışlar, haqqa qarşı çıxaraq ondan üz çevirmişlər. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir” (“Yusuf”, 103). Başqa bir ayədə isə belə buyurur: “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar” (“əl-Ənam”, 116).
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə (yəhudilərdən) Kəb ibn Əsəd, İbn Salubə, Abdullah ibn Suriya və Şəs ibn Qeys öz aralarında danışaraq dedilər: “Gəlin Muhəmmədin yanına gedək, bəlkə, onu dinindən daşındırarıq”. Onlar Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Ey Muhəmməd, sən bilirsən ki, biz, yəhudilərin baş elm adamlarıyıq, yəhudilər arasında şərəfə və hörmətə sahibik. Əgər biz sənə tabe olsaq, bütün yəhudilər bizim ardımızca gələrlər və bizə qarşı çıxmazlar. Bizimlə qövmümüz arasında bir mübahisəli məsələ var. Gəl biz bu məsələdə mühakimə olunmaq üçün sənə müraciət edək. Sən də onların əleyhinə, bizim isə lehimizə hökm ver. Biz də sənə iman gətirək və sənin Peyğəmbər olduğunu təsdiqləyək”. Peyğəmbər ﷺ bundan imtina etdi və Uca Allah onlar barədə bu ayələri nazil etdi: “Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. Yoxsa onlar cahiliyyət dövrünün hökmünü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” Hədisi İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. (ət-Tabəri (12150). (Əhməd Şakir). İbn Əbu Hatim, 6498; ət-Tabəri, 12205).
Uca Allah buyurur: “Yoxsa onlar cahiliyyət dövrünün hökmünü istəyirlər? Allaha yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” Uca Allah bu ayədə Onun hökmündən üz döndərib, şəriətinə əsaslanmayan bəzi adamların öz şəxsi rəyləri və istəklərinə əsasən uydurduqları hökmlərə meyil edənləri pisləyir. Halbuki, Allahın hökmü bütün xeyirləri özündə cəm edir və bütün pislikləri qadağan edir. Necə ki cahiliyyət dövründə insanlar mühakimə olunmaq üçün öz rəyləri və şəxsi istəklərinə görə qoyduqları səhv və ağılsız hökmlərə müraciət edərdilər. Monqol-tatarların hökmdarı olan Çingiz xan tərəfindən yazılmış “Yasaq” adlanan idarəetmə qanunları vardı və onlar bu qanunlarla hökm verərdilər. Bu qanunlar yəhudilik, xristianlıq, İslam və digər dinlərin şəriətlərindən götürülmüş hökmlərdən ibarət idi. Lakin bu qanunlardan bir çoxu Çingiz xanın öz şəxsi rəylərindən ibarət idi. Bu qanunlar onun övladlarının mənafeyinə xidmət edən bir hökm halına gəlmişdi. Onlar bu qanunları Allahın Kitabından və Onun Elçisinin ﷺ sünnəsindən üstün tuturdular. Sözsüz ki, buna etiqad edən kafirdir və bu şəxslə Allahın və Onun Elçisinin ﷺ hökmünə qayıdana qədər mübarizə aparmaq lazımdır. Kiçik və ya böyük olmasından asılı olmayaraq, heç bir məsələdə Allahın hökmündən başqa bir hökmə müraciət etmək düzgün deyil. Bu səbəbdən Uca Allah: “Yoxsa onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?”– buyurur. Yəni, Allahın hökmündən üz döndərib cahiliyyət dövrünün hökmünümü istəyirlər? “Allaha yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” Yəni, Allaha iman gətirib Onun şəriətinə yəqinliklə inanan və Allahın ən üstün hakim olduğunu, Öz qullarına olan mərhəmətinin ananın körpəsinə olan mərhəmətindən qat-qat üstün olduğunu dərk edənlər üçün Allahdan daha ədalətli hökm verən kim ola bilər? Çünki Uca Allah hər şeyi biləndir, hər şeyə qadirdir və bütün hökmlərində ədalətlidir.
əl-Maidə, 51-53
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاءَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ * فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَنْ تُصِيبَنَا دَائِرَةٌ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَى مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ * وَيَقُولُ الَّذِينَ آمَنُوا أَهَؤُلَاءِ الَّذِينَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ إِنَّهُمْ لَمَعَكُمْ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُوا خَاسِرِينَ
51. Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.
52. Qəlblərində xəstəlik olanları onlar (Kitab əhli) arasında olmağa can atan və “Başımıza bir fəlakət gəlməsindən qorxuruq” deyən görərsən. Ola bilsin ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar.
53. İman gətirənlər isə deyəcəklər: “Sizinlə bir yerdə olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular.
Uca Allah bu ayələrdə mömin qullarını yəhudi və xaçpərəstləri dost tutmaqdan çəkindirir, çünki onlar İslam və müsəlmanların düşmənidirlər. Sonra Uca Allah onların bir-birlərinin dostu olduqlarını bildirir və onları özlərinə dost tutanları təhdid edərək belə buyurur: “Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır”.
Uca Allah buyurur: “Qəlblərində xəstəlik olanları”, yəni qəlblərində şəkk-şübhə və nifaq olanları “onlar (Kitab əhli) arasında olmağa can atan və...”, yəni həm gizlində, həm də aşkarda onlarla dostluq etməyə çalışaraq “Başımıza bir fəlakət gəlməsindən qorxuruq” deyən görərsən”, yəni onlar kafirlərlə dostluq etmələrinin səbəbini belə izah edirlər: “Onlar kafirlərin müsəlmanları məğlub etmələrindən qorxurlar, bu səbəbdən yəhudilərin və xaçpərəstlərin yanında onları dəstəkləyənlər olmalıdır ki, bu məğlubiyyət baş verdikdə dost tutduqları insanlardan faydalana bilsinlər”. Uca Allah onların bu sözünə cavab verərək: “Ola bilsin ki, Allah bir fəth nəsib etsin”– buyurur. əs-Suddi demişdir: “Yəni, Məkkənin fəthini nəsib etsin”. Digər alimlər isə “fəth” dedikdə, hökm və qərar nəzərdə tutulduğunu demişlər. “və ya Öz tərəfindən bir əmr versin”. əs-Suddi demişdir: “Yəni yəhudi və xaçpərəstlərin üzərinə cizyə vergisini vacib etsin”. “...və onlar”, yəni yəhudi və xaçpərəstləri dost tutan münafiqlər “ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar”, yəni bu dostluğun onlara bir fayda vermədiyini, başlarına gələcək bəladan qurtara bilməyəcəyini, əksinə, bu dostluğun onlara zərər gətirdiyini gördükdə peşman olacaqlar. Belə ki, rüsvay oldular və Allah onların halını dünyada mömin qullarına bildirdi. Halbuki, bundan əvvəl halları insanlara gizli idi. İç üzlərinin açılmasına səbəb olan hadisələr baş verdikdə halları Allahın mömin qullarına bəyan oldu və möminlər bu münafiqlərin mömin görünmək üçün necə çalışdıqlarına və buna görə and içmələrinə təəccübləndilər. Lakin yalanları və böhtanları üzə çıxdı. Bu səbəbdən Uca Allah növbəti ayədə: “İman gətirənlər isə deyəcəklər: “Sizinlə bir yerdə olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular” – buyurur.
Qiraət alimləri bu ayənin əvvəlində gələn وَ [və] “isə” hərfi barədə ixtilaf etmişlər. Əksər qarilər bu ayəni وَيَقُولُ [və yəqu:lu] olaraq oxumuşlar. Həmçinin bəzi qarilər bu ədatın yeni cümlənin başlanğıcını bildirən ədat olduğunu deyərək, sonrakı feili xəbər formasında وَيَقُولُ [və yəqu:lu] “deyəcəklər” şəklində, bəzi qarilər isə bu ədatın bağlayıcı olduğunu demiş və sonrakı feili əvvəlki ayədəki “nəsib etsin” feilinə bağlayaraq, arzu formasında وَيَقُولَ [və yəqu:lə] “desinlər” şəklində oxumuşlar. Yəni, “Ola bilsin ki, Allah bir fəth nəsib etsin... və möminlər desinlər...”. Mədinə qariləri isə bu ayəni وَ [və] hərfi olmadan oxumuşlar. İbn Cəririn qeyd etdiyinə görə, onların Quran kitablarında ayə bu şəkildədir. (Ayənin يَقُولُ [yəqu:lu] şəklində (xəbər formasında, bağlayıcısız) oxunuşu Nafi, İbn Kəsir, İbn Amir, Əbu Cəfər və İbn Muheysinin qiraətidir. Bu qiraət Məkkə və Mədinə kitablarında da yer almışdır. Ayənin əvvəlindəki وَ [və] bağlayıcısı Kufə və Məşriq kitablarında yer almışdır. Ayənin وَيَقُولَ [və yəqu:lə] şəklində (arzu formasında, bağlayıcı ilə) oxunuşu isə Əbu Amr və Yaqubun qiraətidir. وَيَقُولُ [və yəqu:lu] şəklində (xəbər formasında, bağlayıcı ilə) oxunuşu isə yerdə qalan on dörd qarinin qiraətidir. (Əhməd Şakir).
Burada söhbət Xəndək döyüşündə müsəlmanlara qarşı döyüşməyəcəkləri barədə Peyğəmbərlə ﷺ bağladıqları əhdi pozaraq Mədinəyə hüçum etmiş müşriklərə yardım edən Bənu Qureyza qəbiləsindən gedir. Uca Allah bunu Peyğəmbərə ﷺ bildirdikdə o, üç min nəfərdən ibarət ordu ilə bu qəbiləni mühasirəyə aldı və onlardan təslim olmağı tələb etdi. Onlar xəbər göndərərək Əbu Lubəbə ilə məsləhətləşmək istədilər. Peyğəmbər ﷺ Əbu Lubəbəni onların yanına elçi göndərdi. Əbu Lubəbə cahillikdə onların müttəfiqi idi. Bənu Qureyza qəbiləsinin yaşadığı ərazidə onun da malı-mülkü vardı. Əbu Lubəbə gəldikdə Bənu Qureyza qəbiləsinin qadınları ağlamağa başladılar və Əbu Lubəbə bundan təsirləndi. Onlar Əbu Lubəbədən Peyğəmbərə ﷺ təslim olacaqları təqdirdə aqibətlərinin necə olacağını soruşdular. Bu vaxt Əbu Lubəbə əli ilə boğazına işarə etdi, lakin sonra bu əməllə Peyğəmbərə ﷺ xəyanət etdiyini anlayıb tövbə etdi və Allah onun tövbəsini qəbul etdi. Əbu Lubəbə Peyğəmbərə ﷺ dedi: “Tövbəmin səmimiliyinin əlaməti olaraq, bir daha günah işlədiyim yerə (Bənu Qureyza qəbiləsinin yaşadığı yerə) getməyəcəyəm və malımın hamısını sədəqə verirəm”. Peyğəmbər ﷺ dedi: “Üçdə birini verməyin kifayətdir”. Əbu Davud, 3319, 3321. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3439). Mucahid demişdir: “Ayədə bu nəzərdə tutulur: “Ola bilsin ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar”, məhz bu zaman “İman gətirənlər deyəcəklər: “Sizinlə bir yerdə olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular”.
Təfsir alimləri bu ayənin nazilolma səbəbi barədə ixtilaf etmişlər. əs-Suddi demişdir: “Bu ayə iki kişi barədə nazil olmuşdur. Onlardan biri Uhud döyüşündən sonra digərinə belə demişdir: “Mən o yəhudinin yanına gedəcəyəm. Ona sığınaraq yəhudiliyi qəbul edəcəyəm. Ümid edirəm, bir hadisə baş verdikdə və ya təhlükəli bir hal yarandıqda, bu, mənə fayda versin”. Digəri isə belə dedi: “Mən Şamdakı filan xaçpərəstin yanına gedəcəyəm, ona sığınacağam və xristianlığı qəbul edəcəyəm”. Bu səbəbdən Uca Allah: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın!...” ayələrini nazil etdi”. İkrimə isə belə demişdir: “Bu ayə Əbu Lubəbə ibn Abdulmunzir barədə nazil olmuşdur. Peyğəmbər ﷺ onu Bənu Qureyza qəbiləsinə təslim olmaları üçün elçi göndərmişdi. Onlar: “Əgər təslim olsaq, o (Muhəmməd) bizə nə edəcək?”– soruşduqda Əbu Lubəbə əli ilə boğazına işarə etmişdir. Yəni, sizi kəsəcək”. (Burada söhbət Xəndək döyüşündə müsəlmanlara qarşı döyüşməyəcəkləri barədə Peyğəmbərlə ﷺ bağladıqları əhdi pozaraq Mədinəyə hüçum etmiş müşriklərə yardım edən Bənu Qureyza qəbiləsindən gedir. Uca Allah bunu Peyğəmbərə ﷺ bildirdikdə o, üç min nəfərdən ibarət ordu ilə bu qəbiləni mühasirəyə aldı və onlardan təslim olmağı tələb etdi. Onlar xəbər göndərərək Əbu Lubəbə ilə məsləhətləşmək istədilər. Peyğəmbər ﷺ Əbu Lubəbəni onların yanına elçi göndərdi. Əbu Lubəbə cahillikdə onların müttəfiqi idi. Bənu Qureyza qəbiləsinin yaşadığı ərazidə onun da malı-mülkü vardı. Əbu Lubəbə gəldikdə Bənu Qureyza qəbiləsinin qadınları ağlamağa başladılar və Əbu Lubəbə bundan təsirləndi. Onlar Əbu Lubəbədən Peyğəmbərə ﷺ təslim olacaqları təqdirdə aqibətlərinin necə olacağını soruşdular. Bu vaxt Əbu Lubəbə əli ilə boğazına işarə etdi, lakin sonra bu əməllə Peyğəmbərə ﷺ xəyanət etdiyini anlayıb tövbə etdi və Allah onun tövbəsini qəbul etdi. Əbu Lubəbə Peyğəmbərə ﷺ dedi: “Tövbəmin səmimiliyinin əlaməti olaraq, bir daha günah işlədiyim yerə (Bənu Qureyza qəbiləsinin yaşadığı yerə) getməyəcəyəm və malımın hamısını sədəqə verirəm”. Peyğəmbər ﷺ dedi: “Üçdə birini verməyin kifayətdir”. Əbu Davud, 3319, 3321. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3439). Hədisi İbn Cərir rəvayət etmişdir. (əs-Suddi və İkrimənin rəvayətlərini ət-Tabəri nəql etmişdir (12159, 12160). (Əhməd Şakir). İbn Əbu Hatim, 6507).
Muhəmməd ibn İshaq demişdir: “Yəhudilərdən Peyğəmbərlə ﷺ aralarında olan razılaşmanı ilk pozan qəbilə Bənu Qaynuqa qəbiləsi olmuşdur. Asim ibn Ömər ibn Qatədə mənə danışmışdır ki, Peyğəmbər ﷺ bunu bildikdə onları mühasirəyə aldı və onlar Peyğəmbərin ﷺ əmrinə tabe olub təslim oldular. Peyğəmbər ﷺ onları məğlub etdikdə Abdullah ibn Ubey ibn Səlul qalxaraq: “Ey Muhəmməd, mənim dostlarımla yaxşı davran”, – dedi, çünki Bənu Qaynuqa qəbiləsi əl-Xazrəc qəbiləsinin müttəfiqi idi. Peyğəmbərin ﷺ ona cavabı gecikdikdə, o bir daha: “Ey Muhəmməd, mənim dostlarımla yaxşı davran”, – dedi. Peyğəmbər ﷺ ondan üz çevirdi. Abdullah ibn Ubey əli ilə Peyğəmbərin ﷺ yaxasından yapışdı. Peyğəmbər ﷺ qəzəbləndi və: “Burax məni!”– dedi. Peyğəmbərin ﷺ qəzəbdən üzünün rəngi dəyişdi. Sonra Peyğəmbər ﷺ dedi: “Vay sənin halına, burax məni!” Abdullah ibn Ubey dedi: “Xeyr, Allaha and olsun ki, mənim dostlarımla yaxşı davranmayana qədər səni buraxmaram! Dörd yüz zirehsiz, üç yüz zirehli adam məni müdafiə etdilər. Sən indi onları bir gündə öldürmək istəyirsən?! Mən sonra baş verəcək bədbəxtlikdən qorxuram”. Peyğəmbər ﷺ dedi: “Onlar sənin olsun”. İbn İshaq dedi: “Əbu İshaq ibn Yəsər Ubadə ibn əs-Samitin oğlu Ubadə ibn əl-Vəliddən rəvayət etmişdir ki, Ubadə ibn əs-Samit (Allah ondan razı olsun) belə demişdir: “Peyğəmbərlə ﷺ Bənu Qaynuqa qəbiləsi arasında döyüş alovlandıqda Abdullah ibn Ubey onları müdafiə etmək üçün təşəbbüs göstərdi və onlara havadarlıq etdi. Ubadə ibn əs-Samit Peyğəmbərin ﷺ yanına getdi. Ubadə ibn əs-Samit əl-Xazrəc qəbiləsindən idi və Abdullah ibn Ubey kimi o da Bənu Qaynuqa qəbiləsinin müttəfiqi idi. Ubadə ibn əs-Samit onların işini Peyğəmbərə ﷺ həvalə etdi və Peyğəmbərin ﷺ hüzurunda onlarla müttəfiq olmaqdan uzaq olduğunu bildirdi. Ubadə ibn əs-Samit dedi: “Ey Allahın Elçisi, onlarla müttəfiq olmaqdan uzağam, Allaha və Onun Elçisinə güvənirəm. Allahın, Onun Elçisinin və möminlərin dostluğunu qəbul edirəm, kafirlərlə dost və müttəfiq olmaqdan uzağam”. Ubadə ibn əs-Samit və Abdullah ibn Ubey barədə “əl-Maidə” surəsindəki bu ayələr nazil oldu: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar...” ta ki, “Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə hami seçərsə, bilsin ki, qələbə çalanlar məhz Allahın firqəsidir” (“əl-Maidə”, 51-56) ayəsinə qədər”. (İbn İshaq “Sira” 498-499; əl-Beyhəqi “Dələil ən-Nubuvvə” 3/174-175. Ali Nasr isnadının çox zəif olduğunu bildirmişdir).
İmam Əhməd Usamə ibn Zeyddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərlə ﷺ birlikdə Abdullah ibn Ubeyə (ölüm ayağında) baş çəkməyə getdim. Peyğəmbər ﷺ ona dedi: “Mən səni yəhudiləri sevməkdən (tərəfini tutmaqdan) çəkindirirdim”. Abdullah ibn Ubey dedi: “Əsəd ibn Zurara da onlara nifrət edirdi, buna baxmayaraq öldü”. (Abdullah ibn Ubey Mədinədəki münafiqlərin başçısı idi. Peyğəmbər ﷺ ona demək istəyirdi ki, zalım olduqlarını bildiyin halda, yəhudilərə havadar çıxmağın səni münafiqliyə sövq etdi və sən indi münafiq olaraq ölürsən. Sənin dildə İslamı qəbul etməyin səni Allahın əzabından qurtarmayacaq. Lakin, görünür, Abdullah ibn Ubey Peyğəmbərin ﷺ nə dediyini başa düşmədi və elə bildi ki, Peyğəmbər ﷺ: “Yəhudiləri sevdiyin üçün indi ölüm ayağındasan”– deyir. Bu səbəbdən belə bir cavab verdi: “Əsəd ibn Zurara da onlara nifrət edirdi, buna baxmayaraq öldü”. Yəni Əsəd ibn Zurara da yəhudiləri sevmirdi, lakin bu, onu ölümdən xilas etmədi). Hədisi Əbu Davud da rəvayət etmişdir. (Əhməd (5/201 Hələbi nəşri). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 21758, 21806, 22101; Əbu Davud, 3094, 3096. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6598).
əl-Maidə, 54-56
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ * إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ * وَمَنْ يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ
54. Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönərsə, bilsin ki, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər. Onlar Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
55. Sizin haminiz ancaq Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.
56. Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə hami seçərsə, bilsin ki, qələbə çalanlar məhz Allahın firqəsidir.
Uca Allah bu ayələrdə əzəmətli qüdrətindən xəbər verərək, Onun dininə yardım etməkdən və şəriətini yer üzündə bərqərar etməkdən üz döndərənlərin yerinə daha xeyirli, daha güclü və daha doğru yolda olan bir toplum gətirəcəyini bildirir. Necə ki başqa ayələrdə belə buyurur: “Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər...” (“Muhəmməd”, 38). Başqa bir ayədə isə belə buyurur: “Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib, yerinizə başqalarını gətirər. Allah buna qadirdir” (“ən-Nisa”, 133). “İbrahim” surəsində isə belə buyurur: “Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi? Əgər O istəsə, sizi yox edib, yerinizə yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir” (“İbrahim”, 19-20). Burada isə belə buyurur: “Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönərsə”, yəni haqdan üz çevirib batilə yönələrsə, “bilsin ki, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən...”. əl-Həsən əl-Bəsri demişdir: “Allaha and olsun ki, bu ayədə Əbu Bəkr və onun yoldaşları (səhabələr) nəzərdə tutulur”. Bu təfsiri İbn Əbu Hatim rəvayət etmişdir. Həmçinin o, İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bu ayədə barələrində danışılan camaat Yəmən əhlidir. Sonra Kində, daha sonra isə əs-Səkun camaatıdır. İbn Əbu Hatim əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın: “Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönərsə, bilsin ki, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər” ayəsi nazil olduqda Peyğəmbər ﷺ dedi: “Ayədə nəzərdə tutulan bu camaatdır (səhabələrdir)”. Hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (12188-12192). Hədis səhihdir. Hədisi həmçinin İbn Sad (4/1/79) və əl-Hakim (2/313) rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədis, Muslimin şərtinə görə, səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi onunla razılaşmışdır. Hədisi əl-Heysəmi “əz-Zəvaid” (7/265) əsərində qeyd etmiş və demişdir: “ət-Tabərani rəvayət etmişdir, hədisin isnadındakı ravilər “Səhih” əsərinin hədislərini rəvayət edən ravilərdir”. (Əhməd Şakir). İbn Əbu Hatim, 6534–6535; ət-Tabəri, 12242. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3368).
Uca Allah buyurur: “...möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər”. Ayədə qeyd olunanlar kamil möminlərin vəsfləridir. Mömin, qardaşına və dostlarına qarşı təvazökar, düşmənlərinə qarşı isə sərt olmalıdır. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər” (“əl-Fəth”, 29). Peyğəmbərin ﷺ vəsfi barədə belə deyilir: “O, gülərüzlü mübarizdir”. Yəni, dostlarına qarşı gülərüzlü, düşmənlərinə qarşı isə mübarizdir.
Uca Allah buyurur: “Onlar Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar”, yəni heç kəs onları Allaha itaət etməkdən, Onun düşmənlərinə qarşı vuruşmaqdan, Allahın qoyduğu qanunlara əməl etməkdən, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməkdən saxlaya bilməz, onlara bu əməlləri yerinə yetirməyə heç nə mane ola bilməz. Bu yolda onları qınayanın qınağına da əhəmiyyət verməzlər.
İmam Əhməd Əbu Zərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mənim sevimli dostum – Allahın Elçisi, mənə yeddi xislətə sahib olmağı əmr etmişdir. O, mənə yoxsulları sevməyi və onlara yaxın olmağı, (nemət baxımından) məndən üstün olanlara deyil, məndən aşağı olanlara baxmağı, (qohumlarım məndən) üz çevirsələr belə, qohumluq əlaqələrini möhkəm-lətməyi, heç kəsdən bir şey istəməməyi, acı olsa belə, haqqı söyləməyi, Allah yolunda heç bir qınayanın qınağından qorxmamağı və Ərşin altındakı xəzinələrdən biri olan “lə haulə va lə quvvətə illə billəh” (Qüdrət və güc yalnız Allaha məxsusdur!) zikrini çox söyləməyi əmr etmişdir”. (Əhməd (5/159 Hələbi nəşri). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). İbn Hibban, 449. Hədis səhihdir. Bax: Sahih ət-Tərğib vət-Tərhib, 2525, Silsilə əs-Səhihə, 2166).
İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ beş əməldə ona tabe olacağıma dair məndən sədaqət andı aldı, yeddi əməli yerinə yetirəcəyimə dair məndən əhd aldı və doqquz əməli edəcəyimə Allahı şahid tutdu. Odur ki, mən heç bir qınayanın qınağından qorxmuram. Əbu Zərr dedi: “Bir dəfə Peyğəmbər ﷺ məni çağırdı və dedi: “Cənnət qarşılığında mənə beyət edərsənmi? (Beyət etmək – bir kəsin hakimiyyətini qəbul etmək və ona sadiq olmaq barədə and içməkdir). Mən: “Bəli, edərəm”, – dedim və əlimi ona doğru uzatdım. Peyğəmbər ﷺ mənə şərt qoyaraq: “İnsanlardan heç bir şey istəməyəcəksən”, – dedi. Mən: “Yaxşı”– dedim. Peyğəmbər ﷺ: “Hətta (minik üzərində) qamçın düşsə belə, onu da istəmə. Miniyindən düş və özün götür!”– dedi”. (Əhməd (5/172 Hələbi nəşri). Hədisi əl-Heysəmi “əz-Zəvaid” (3/92-93) əsərində iki rəvayətlə qeyd etmiş və demişdir: “Əhməd rəvayət etmişdir, raviləri mötəbərdir”. (Əhməd Şakir). Əhməd, 21509, 21548, 21841. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
İmam Əhməd əl-Həsəndən, o da Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Diqqət edin, sizdən biri insanlardan qorxub gördüyü və ya sahib olduğu haqqı deməkdən çəkinməsin. Çünki haqqı demək və ya mühüm bir şeyi xatırlatmaq nə insanın əcəlini yaxınlaşdırar, nə də ruzisini uzaqlaşdırar”. Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (11494). Hədisin isnadı səhihdir. Hədisi əl-Heysəmi “əz-Zəvaid” (7/265) əsərində qeyd etmiş və demişdir: “ət-Tabərani “əl-Əusət” əsərində rəvayət etmişdir, ət-Tabəraninin şeyxi istisna olmaqla, hədisin isnadındakı ravilər “Səhih” əsərinin hədislərini rəvayət edən ravilərdir”. Lakin əl-Heysəmi hədisi Əhmədə nisbət etməyi unutmuşdur. Əhməd hədisi ət-Tabəraninin şeyxindən rəvayət etməmişdir. (Əhməd Şakir). Əhməd, 11474, 11492; ət-Tirmizi, 2191, 2350; İbn Məcə, 4007. “Çünki haqqı demək..” cümləsindən sona qədər olan hissəsi istisna olmaqla, hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 168).
İmam Əhməd Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sizdən biri Allahın dininə müxalif olan bir şey gördükdə, haqqı deməyi kiçik əməl hesab etməsin. Çünki Qiyamət günü Allah ona belə deyər: “Günah əməl işləndiyini gördükdə, Mənə görə belə-belə deməyə sənə nə mane oldu?” O deyəcək: “İnsanlardan qorxduğum üçün demədim”. Uca Allah deyəcək: “İnsanlardan daha çox, Məndən qorxmalı idin”. Hədisi İbn Məcə rəvayət etmişdir. (Əhməd (11722). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 11699, 11717. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
İmam Əhməd və İbn Məcə Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişlər: “Qiyamət günü Allah qulunu sorğu-sual edəcək, hətta ona belə buyuracaq: “Günah gördükdə onu inkar etməyə sənə nə mane oldu?” Allah qulun qəlbinə üzrxahlığını ilham edəcək və o deyəcək: “Ey Rəbbim! İnsanlardan qorxub ümidimi Sənə bağladım!” (Əhməd (11265, 11232, 11758); İbn Məcə (4017). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 11735, 11752, 11757. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 929).
“Səhih” əsərində rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Möminə özünü alçaltmaq yaraşmaz”. Ətrafdakılar soruşdular: “Mömin özünü necə alçalda bilər, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Səbir edə bilməyəcəyi bəlaları üzərinə götürməklə (İnsanın müsibəti öz üzərinə götürməsi ya dua edərək onu Allahdan istəməsi ilə, ya da bu müsibətlərin baş verməsinə səbəb olan əməlləri etməsi ilə olur. Hədisdən göründüyü kimi, Peyğəmbərimiz ﷺ bunu qadağan etmişdir. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ müsəlman bir kişiyə baş çəkdi. Kişi xəstəlikdən zəifləyib cücə kimi büzüşmüşdü. Peyğəmbər ﷺ ona dedi: “Məgər sən dua etmirsən? Yaxud, Rəbbindən salamtlıq diləmirsən?” Kişi dedi: “Bəli, mən dua edib deyirəm ki, Allahım, axirətdə mənə nə əzab verəcəksənsə, onu mənə elə bu dünyada ver!” Peyğəmbər ﷺ ona dedi: “Subhən-Allah! Sən buna dözə bilməzsən. Nə üçün sən: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– demirsən?” Sonra Peyğəmbər ﷺ onun üçün Allaha dua etdi və Allah ona şəfa verdi”. (Muslim, 4853, 7011).” (Müəllif hədisi “Səhih” əsərinə nisbət etsə də, hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində yoxdur. Hədisi Əhməd (5/405 Hələbi nəşri), ət-Tirmizi (3/243) və İbn Məcə (4016) Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demişdir. (Əhməd Şakir). Əhməd, 23491, 23837; ət-Tirmizi, 2254, 2420. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 613)..
Uca Allah buyurur: “Bu, Allahın lütfüdür, onu istədiyinə verər”, yəni bu xüsusiyyətlərə sahib olmaq Allahın qullarına olan lütfü və onları bu xüsusiyyətlərə müvəffəq etməsi sayəsindədir. “Allahın lütfü genişdir, O hər şeyi biləndir”, yəni Allahın lütfü genişdir və bu lütfə kimin layiq olub-olmadığını ən yaxşı bilən Odur.
Uca Allah buyurur: “Sizin haminiz ancaq Allah, Onun rəsulu və iman gətirənlərdir”, yəni sizin haminiz yəhudilər deyil. Sizin himayəniz Allaha, Onun Elçisinə və möminlərə aiddir. “O kəslər ki, Allaha boyun əyərək namaz qılır və zəkat verirlər”, yəni bu xüsusiyyətlərə sahib olan möminlər namazlarını lazımi qaydada qılarlar. Çünki namaz, İslamın ən böyük ərkanlarından biridir və bu ibadət, yalnız tək və şəriki olmayan Allaha məxsusdur. Bu möminlər, həmçinin qulların haqqı olan zəkatı verərlər, çünki zəkat ehtiyac içində olanlara, zəiflərə və kasıblara dəstəkdir.
Bəziləri ayədə keçən وَهُمْ رَاكِعُونَ [və hum ra:kiu:n] “Allaha boyun əyərək” ifadəsini zəkat verənlərə aid hal cümləsi (tərzi-hərəkət zərfi) olduğunu zənn etmişlər (yəni ayəni “rüku halında zəkat verərlər” kimi təfsir etmişlər). (Hətta bu ifadə – وَهُمْ رَاكِعُونَ [və hum ra:kiu:n] “Allaha boyun əyərək” ifadəsi – zəkat verənlərə aid hal cümləsi (tərzi-hərəkət zərfi) olsa belə, burada “müti olaraq” nəzərdə tutulur. Yəni, müti olaraq zəkat verərlər, çünki ərəb dilində رَكَعَ [rakəa] feilinin lüğəvi mənası “müti olmaq”, “boyun əymək” deməkdir. Burada da məhz lüğəvi məna nəzərdə tutulur. Necə ki Uca Allah başqa bir ayədə möminləri vəsf edərək buyurur: “Rəbbinə qayıdacaqlar deyə, yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər – məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər” (“əl-Muminun”, 60-61).
Böyük təfsir alimi Abdur-Rahmən əs-Səədi bu ayənin təfsirində demişdir: “Allah bu ayədə bildirir ki, Onun sevgisinə və yardımına yalnız iman və təqva sayəsində nail olmaq mümkündür. Hər bir təqvalı mömin Allahın himayəsində olan kəsdir. Əgər o, Allahın himayəsindədirsə, demək ki, Onun Elçisinin ﷺ də himayəsindədir. Allahı və Onun Elçisini ﷺ hami seçən kəs bunun tamamı olaraq Allahın sevdiyi kəslərin tərəfdarı olmalıdır. Allahın sevib yardım etdiyi kəslər – möminlərdir. Onlar Allaha olan imanlarını həm qəlbləri ilə, həm də əməlləri ilə təsdiqləyər, Allaha ixlasla ibadət edər, namazın şərtlərini, fərzlərini və nafilələrini yerinə yetirər, habelə zəkat almağa haqqı çatanlara öz mallarından zəkat verməklə insanlara xeyirxahlıq edərlər. “Allaha boyun əyərək”, yəni bununla yanaşı, onlar Allah qarşısında mütiliklə boyun əyər və aciz olduqlarını göstərərlər”). Əgər ayənin mənası belə olsaydı, o zaman rüku halında zəkat vermək, digər hallardan daha fəzilətli olardı. Çünki bu halda verilən zəkat Allah tərəfindən təriflənmişdir. Bizim bildiyimiz fiqh alimlərindən heç kəs belə bir şey deməmişdir. Hətta bəziləri bu barədə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) bir hədis rəvayət edərək bu ayənin onun barəsində nazil olduğunu demişlər. Belə ki, bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rükuda ikən bir dilənçi ondan sədəqə istəmiş və Əli barmağındakı üzüyü çıxararaq dilənçiyə vermişdir.
[Sonra əl-Hafiz İbn Kəsir bu mənada rəvayətləri zəif isnadlarla nəql edərək hər birinin zəifliyini bildirmiş, sonra demişdir:] “Bu rəvayətlərin isnadları zəif olub, raviləri məchul olduqları üçün heç biri səhih deyil. (Aşağıdakı dəlillər bu ayənin Əli ibn Əbu Talib (Allah ondan razı olsun) barədə nazil olması rəyinin zəifliyini daha da qüvvətləndirir:
1. Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) həyatı barədə bu məlumdur ki, o, çox zahid bir insan olub. Bir çox rəvayətlərdə onun kasıb olduğu və dünyanı tərk etdiyi bildirilir. Ayədə zəkatdan söhbət gedir, zəkat isə yalnız varlı insanların üzərinə vacib olan sədəqədir.
2. Uca Allah namazlarında müti olan qullarını tərifləmişdir. Uca Allah bu xüsusda buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər” (“əl-Muminun”, 1-2). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) namazında müti olan səhabələrdən biri idi. Rəvayət olunur ki, namazın vaxtı çatdıqda Əlinin üzünün rəngi dəyişərdi. Ondan: “Ey möminlərin əmiri, sənə nə olub?”– deyə soruşduqda, o belə cavab verərdi: “Əmanəti qaytarmaq vaxtıdır. O əmanət ki, Uca Allah onu göylərə, yerə və dağlara təklif etdi. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Mən isə onu boynuma götürmüşəm”. (İhya Ulumud-Din). Bir insanın namazda rüku halında əlindəki üzüyü çıxarıb zəkat niyyəti ilə dilənçiyə verməsi, bu insanın namazda müti olmamasına dəlalət edir. Belə bir əməlin Əli (Allah ondan razı olsun) kimi böyük səhabə tərəfindən edilməsi mümkün deyil, çünki o, elmli və təqvalı bir şəxsiyyət idi. Namaz əsnasında belə bir əməli etmək hətta namazı batil edə bilər).
Əvvəl qeyd etdiyimiz hədislərdə bildirildiyi kimi, bu ayələrin hamısı yəhudilərlə bağladığı müqavilədən uzaq olduğunu bildirən və Allahın, Onun Elçisinin ﷺ və möminlərin himayəsini seçən Ubadə ibn əs-Samit (Allah ondan razı olsun) barədə nazil olmuşdur. Bu səbəbdən Uca Allah ayənin davamında: “Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə hami seçərsə, bilsin ki, qələbə çalanlar məhz Allahın firqəsidir” – buyurur. Necə ki başqa bir ayədə belə buyurur: “Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir. Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Rəsuluna düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman yerləşdirmiş və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Şübhəsiz ki, məhz Allahın firqəsi nicat tapanlardır” (“əl-Mucadilə”, 21-22).
Allahın, Onun Elçisinin və möminlərin himayəsindən razı qalan hər kəs, dünya və Axirətdə nicat tapmışdır. Uca Allah ona dünya və Axirətdə yardım edəcəkdir. Buna görə Uca Allah bu ayədə: “Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə hami seçərsə, bilsin ki, qələbə çalanlar məhz Allahın firqəsidir” – buyurur.
əl-Maidə, 57-58
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الَّذِينَ اتَّخَذُوا دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاءَ وَاتَّقُوا اللَّهَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ
57. Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.
58. Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, onların düşüncəsiz bir toplum olmalarına görədir.
Bu ayədə Uca Allah möminləri İslamla düşmənçilik edən Kitab əhli və müşriklərlə dostluq etməkdən çəkindirir. O kəslər ki, edilə biləcək ən gözəl əməli – özündə dünya və Axirət xeyirlərini cəm edən pak və açıq-aydın İslam hökmlərini – “ələ salıb”, yəni istehza edib bu hökmləri “oyun-oyuncaq” hesab edərlər. Yəni, öz mənasız və yararsız düşüncələri ilə bu hökmlərin oyuncaq olduğuna etiqad edərlər.
Uca Allah buyurur: “Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri...”. Burada işlənən مِنْ [min] önqoşması açıqlama və bəyan bildirən ədatdır. Necə ki bu ayədə həmin önqoşma eyni mənada işlənmişdir: “Elə isə murdar bütlərdən uzaq olun” (“əl-Həcc”, 30). Bəzi qarilər bu ayəni وَالْكُفَّارِ [vəl-kuffə:ri] şəklində oxumuşlar. Bu qiraətə görə, ayənin mənası belədir: “Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən və kafirlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri özünüzə dost tutmayın”. Bəzi qarilər isə ayəni وَالْكُفَّارَ [vəl-kuffə:ra] şəklində oxumuşlar. Yəni, nə dininizi ələ salıb oyun-oyuncaq hesab edən Kitab əhlini, nə də kafirləri özünüzə dost tutmayın. Yəni, nə bunları, nə də onları dost tutmayın. ([vəl-kuffə:ri] وَالْكُفَّارِ şəklində oxunuş Əbu Amr, əl-Kisəi və Yaqubun qiraətidir. Digər oxunuş isə yerdə qalan on dörd qarinin qiraətidir. (Əhməd Şakir). Ayədə kafirlər dedikdə müşriklər nəzərdə tutulur.
Uca Allah buyurur: “Əgər möminsinizsə, Allahdan qorxun”, yəni əgər onların lağa qoyub əyləncə hesab etdikləri Allahın şəriətinə iman gətirən möminsinizsə, Allahdan qorxun, sizin və dininizin düşməni olan bu kəsləri özünüzə dost tutmayın. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Möminlər möminləri qoyub, kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır” (“Ali-İmran”, 28).
Uca Allah buyurur: “Siz namaza çağırdığınız zaman...”, yəni, habelə siz azan verib bir-birinizi ağıl sahiblərinin edə biləcəyi ən fəzilətli əməl olan namaza çağırdığınız zaman “onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, onların düşüncəsiz bir toplum olmalarına görədir”. Yəni, onlar Allaha ibadət etməyin və Onun şəriətinə tabe olmağın mənasını dərk etməmişlər. Bu, şeytana tabe olanların vəsfidir. Peyğəmbər ﷺ demişdir: “Namaz üçün azan veriləndə şeytan bu çağırışı eşitməsin deyə, bərkdən yel buraxaraq qaçır. Azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: “Filan-filan şeyləri yadına sal”– deyərək namaz qurtarana qədər onun yadına düşməyən şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını yadına sala bilmir. Birinizdə belə bir hal olarsa, salam verib namazı bitirməzdən əvvəl iki səcdə etsin”. Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari (2/69-71 Fəthul-Bari); Muslim (1/114). Hər ikisi Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. (Əhməd Şakir). əl-Buxari, 573, 608, 1146, 1222; Musim, 585, 885). əz-Zuhri demişdir: “Uca Allah Quranda azanı zikr edərək belə buyurur: “Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, onların düşüncəsiz bir toplum olmalarına görədir”. Hədisi İbn Əbu Hatim rəvayət etmişdir.
İmam Əhməd Abdul-Əziz ibn Abdul-Malik ibn Əbu Məhzuranın belə dediyini rəvayət etmişdir: “Yetim olduğu üçün Əbu Məhzuranın himayəsində böyüyən Abdullah ibn Muheyriz demişdir: “Bir dəfə mən Əbu Məhzuraya dedim: “Ey əmi, mən Şama gedirəm və qorxuram, insanlar məndən sənin necə azan verməyin barədə soruşsunlar. Bunu mənə öyrət”. Əbu Məhzura dedi: “Yaxşı, (İslamı qəbul etməzdən əvvəl) bir dəstə gənclə Huneynə yola düşmüşdük. Bu vaxt Peyğəmbər ﷺ Huneyndən qayıdırdı və biz yolda onunla ﷺ rastlaşdıq. Biz Peyğəmbərdən ﷺ ayrılıb yola davam edərkən Peyğəmbərin ﷺ müəzzini (azan verəni) onun hüzurunda namaz üçün azan oxudu. Biz müəzzinin səsini eşitdik və səsimizi müəzzinin səsinə bənzədərək onu lağa qoymağa başladıq. (O vaxt Əbu Məhzura və onunla birlikdə olanlar gənc idilər və hələ İslamı qəbul etməmişdilər).
Peyğəmbər ﷺ bizim səsimizi eşitdi və yanımıza adam göndərərək onun hüzuruna gəlməyimizi istədi. Biz Peyğəmbərin ﷺ yanına gəldikdə, o dedi: “Bayaq yüksək səslə azan verən eşitdim, o kim idi?” Hamı məni göstərərək: “Budur”– dedilər. Peyğəmbər ﷺ məni saxlayıb, onların hamısını göndərdi. Sonra dedi: “Qalx və azan oxu!” Mən qalxdım, lakın o vaxt Peyğəmbərə ﷺ və onun mənə əmr etdiyi şeyə (azan oxumağa) nifrət etdiyim qədər heç nəyə nifrət etmirdim. Mən Peyğəmbərinﷺ qarşısında ayaq üstə dayandım. Peyğəmbər ﷺ özü mənə azanı oxutdurdu və dedi: “De: “Allahu Əkbər, Allahu Əkbər. Əşhədu ən lə iləhə İlləllah, Əşhədu ən lə İləhə İlləlah, Əşhədu ənnə Muhammədən Rasulullah, Əşhədu ənnə Muhammədən Rasulullah. Həyyə aləs-saləh, Həyyə aləs-saləh, Həyyə aləl-fələh, Həyyə aləl-fələh, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah”. Azanı bitirdikdən sonra mənə içində gümüş pul olan balaca bir kisə verdi”. Sonra Peyğəmbər ﷺ əlini Əbu Məhzuranın alnına qoyub üzünə tərəf çəkdi. Daha sonra isə əlini onun sinəsinə qoyub göbəyinə çatana qədər qarnına tərəf çəkdi və dedi: “Allah sənə bərəkət versin və səni mübarək etsin”. Mən dedim: “Ey Allahın Elçisi, mənə Məkkədə azan oxumağa icazə ver”. Peyğəmbər ﷺ: “Artıq sənə icazə verdim”, – dedi. Bundan sonra qəlbimdə Peyğəmbərə ﷺ qarşı olan bütün nifrətim getdi və yerini Peyğəmbərə ﷺ olan məhəbbət aldı. Sonra mən Peyğəmbərin ﷺ Məkkəyə vali təyin etdiyi Attəb ibn Useydin yanına gəldim. Peyğəmbərin ﷺ əmrinə görə onun yanında namaz üçün azan oxudum”. Abdul-Əziz ibn Abdul-Malik demişdir: “Ailə üzvlərimdən Əbu Məhzuranı görənlər mənə bu hadisəni Abdullah ibn Muheyrizin danışdığı kimi nəql etmişlər”. İmam Əhməd hədisi bu şəkildə rəvayət etmişdir. Həmçinin hədisi Muslim “Səhih” əsərində və dörd “Sunən” əsərlərinin sahibləri Əbu Məhzuradan (Allah ondan razı olsun) rəvayət etmişlər. Əbu Məhzuranın adı Səmura ibn Miyar ibn Ləuzən olmuşdur. O, Peyğəmbərin ﷺ dörd müəzzinindən biri və Məkkə əhalisinin müəzzini olmuşdur. O, uzun ömür sürmüş səhabələrdən biridir. Allah ondan razı olsun! (Əhməd (15445); ən-Nəsəi (1/103-104); İbn Məcə (708); Əbu Davud (503); Muslim (1/112); ət-Tirmizi (191, 192). Hədisi İbn Həcər “ət-Təhzib” (6/347) əsərində İbn Xuzeymənin “Səhih” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). Əhməd, 15380, 15417, 15454; ən-Nəsəi “Sunən” 628, 639; İbn Məcə, 708. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 581).
əl-Maidə, 59-63
قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنْقِمُونَ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ مِنْ قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ * قُلْ هَلْ أُنَبِّئُكُمْ بِشَرٍّ مِنْ ذَلِكَ مَثُوبَةً عِنْدَ اللَّهِ مَنْ لَعَنَهُ اللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ أُولَئِكَ شَرٌّ مَكَانًا وَأَضَلُّ عَنْ سَوَاءِ السَّبِيلِ * وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَدْ دَخَلُوا بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا بِهِ وَاللَّهُ أَعْلَمُ بِمَا كَانُوا يَكْتُمُونَ * وَتَرَى كَثِيرًا مِنْهُمْ يُسَارِعُونَ فِي الْإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُوا يَعْمَلُونَ * لَوْلَا يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ عَنْ قَوْلِهِمُ الْإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُوا يَصْنَعُونَ
59. De: “Ey Kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə, bizdən daha əvvəl nazil edilənlərə və sizin əksəriyyətinizin fasiq olmasına iman gətirməyimizə görədirmi?!”
60. De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, qəzəbləndiyi, içərilərindən bəzilərini meymunlara, donuzlara və tağuta ibadət edənlərə çevirdiyi kəslərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”
61. Onlar sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!”– deyirlər. Halbuki sizin yanınıza küfrlə girmiş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir.
62. Onlardan bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görərsən. Onların törətdikləri əməllər necə də pisdir!
63. Məgər din xadimləri və elm adamları onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etməli deyildilərmi?! Onların törətdikləri əməllər necə də pisdir!
Uca Allah bu ayələrdə belə buyurur: “Ey Muhəmməd, sizin dininizi ələ salıb oyun-oyuncaq hesab edən Kitab əhlinə de ki: “Ey Kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə, bizdən daha əvvəl nazil edilənlərə və sizin əksəriyyətinizin fasiq olmasına iman gətirməyimizə görədirmi?!”, yəni sizin bizə bundan başqa irad tuta biləcəyiniz bir eyib və qınaq yoxdurmu? Bu dediklərinizə gəlincə isə, onlar heç də eyib tutmaq və qınamaq üçün səbəb deyil. Bu ayə mənaca Uca Allahın bu ayələrinə bənzəyir: “Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar” (“əl-Buruc”, 8); “Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir” (“ət-Tövbə”, 74).
Uca Allah buyurur: “...və sizin əksəriyyətinizin fasiq olmasına iman gətirməyimizə görədirmi?!” Bu cümlə özündən əvvəl gələn “Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə” cümləsinə bağlıdır. Yəni, biz həm də sizin əksəriyyətinizin haqq və doğru yoldan çıxmış fasiqlər olduğunuza iman gətirmişik.
Sonra Uca Allah buyurur: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi?”, yəni Qiyamət günü Allahın hüzurunda sizin bizə veriləcəyini düşündüyünüz cəzadan daha pis cəzaya kimlərin məruz qalacağını xəbər verimmi? Bu cəzaya məruz qalanlar ayədə açıqlanan vəsflərə sahib olan sizlərsiniz. “Bu, Allahın lənətlədiyi”, yəni Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, “qəzəbləndiyi”, yəni heç vaxt razı qalmayacağı, “içərilərindən bəzilərini meymunlara, donuzlara və tağuta ibadət edənlərə çevirdiyi kəslərdir”. Bu xüsus “əl-Bəqərə” surəsinin təfsirində keçmişdir. Əlavə olaraq “əl-Əraf” surəsində də gələcəkdir. (“əl-Bəqərə” surəsi 65-ci ayədə və “əl-Əraf” surəsi 166-cı ayədə. (Əhməd Şakir).
Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, bir dəfə Peyğəmbərdən ﷺ meymunlar və donuzlar barədə soruşdular: “Bu heyvanlar Allahın məsx etdiyi (xilqətlərini əzab olaraq heyvana çevirdiyi) insanlardırmı?” Peyğəmbər ﷺ dedi: “Həqiqətən, Allah bir qövmü həlak etdisə, yaxud bir qövmü məsx etdisə (xilqətlərini heyvana çevirdisə), onların nəslini davam etdirməz. Meymunlar və donuzlar bundan əvvəl də var idi”. Hədisi Muslim rəvayət etmişdir. (Muslim (2/303); Əhməd (3700). (Əhməd Şakir). Muslim, 4814-4815, 6941, 6943).
Uca Allah buyurur: “...və tağuta ibadət edənlərə çevirdiyi kəslərdir”, yəni ey bizim dinimizi pisləyən Kitab əhli, bizim dinimiz yalnız tək Allaha ibadət etməyi buyurur, Allahdan başqasına ibadət etməyi qadağan edir. Bütün bu qeyd olunanlar sizin dininizdə olduğu halda, bizim dinimizə qarşı necə belə davrana bilərsiniz? Bu səbəbdən Uca Allah: “Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” – buyurur. Burada “daha pis olan” və “daha çox azanlar” sifətləri öz həqiqi mənalarında işlənməmişdir. (Quranda sifətin müqayisə dərəcəsinin öz həqiqi mənasında işlənməməsi barədə bu surənin 11-ci ayəsində “Bu, təqvaya daha yaxındır” cümləsinin təfsirinə bax). Belə ki, qarşı tərəf bu sifətə sahib deyil. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaq” (“əl-Furqan”, 24).
Uca Allah buyurur: “Onlar sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!”– deyirlər. Halbuki sizin yanınıza küfrlə girmiş, küfrlə də çıxıb getmişlər”. Bu, münafiqlərin sifətidir. Onlar zahirən özlərini möminlərə bənzədərlər, halbuki qəlbləri küfrlə doludur. Bu səbəbdən Uca Allah ayədə: “Halbuki sizin yanınıza küfrlə girmiş...” – deyə buyurur. Yəni, ey Muhəmməd, onlar sənin yanına gəldikdə qəlblərində küfr vardı, sənin yanından çıxıdıqda isə səndən eşitdikləri elmdən faydalanmadan, daxillərindəki küfrü gizlədərək gedərlər. Onlara öyüd-nəsihət fayda verməmişdir. Bu səbəbdən Uca Allah onlar barədə: “...küfrlə də çıxıb getmişlər” – deyə buyurmuş və bu küfr yalnız onlara aid edilmişdir.
Uca Allah buyurur: “Allah onların gizlətdiklərini daha yaxşı bilir”, yəni onlar insanlara qəlblərində gizlətdiklərinin əksini göstərib, sahib olmadıqları iman libası ilə bəzənmiş olsalar da, Allah onların gizlətdiklərini və qəlblərindən keçirdiklərini ən yaxşı biləndir. Həqiqətən, Allah qeybi və aşkarı onlardan daha yaxşı bilir və buna görə onları ən mükəmməl bir cəza ilə cəzalandıracaqdır.
Uca Allah buyurur: “Onlardan bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görərsən”, yəni sən onların bir çoxunu günah işlətməyə, haram yeməyə, insanlara qarşı zülm edib onların mallarını haqsız yerə mənimsəməyə can atan görərsən. “Onların törətdikləri əməllər necə də pisdir”, yəni gördükləri iş, etdikləri haqsızlıq necə də pisdir!
Uca Allah buyurur: “Məgər din xadimləri və elm adamları onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etməli deyildilərmi?! Onların törətdikləri əməllər necə də pisdir!”, yəni nə üçün din xadimləri və elm adamları onları bu əməllərdən çəkindirmədilər? Din xadimləri dedikdə, onların arasında səlahiyyət sahibi olan alimlər nəzərdə tutulur. Elm adamları isə səlahiyyəti olmayan alimlərdir. “Onların törətdikləri əməllər necə də pisdir!” İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, din xadimləri və elm adamları onları günah söz işlətməkdən və haram yeməkdən çəkindirməməklə nə pis iş tutmuşlar?” İbn Cərir Abdullah ibn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Quranda bu ayədən daha çox məzəmmət edən başqa bir ayə yoxdur: “Məgər din xadimləri və elm adamları onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etməli deyildilərmi?!” (ət-Tabəri, 12239, 12292).
İbn Əbu Hatim Yəhya ibn Yamurdan rəvayət etmişdir ki, bir dəfə Əli ibn Əbu Talib xütbə oxudu. O, Allaha həmd və səna etdikdən sonra belə dedi: “Ey insanlar, sizdən əvvəlki ümmətlər günah əməl etdikləri, din xadimləri və elm adamları da onlara bu əməlləri qadağan etmədikləri üçün həlak olmuşlar. Onlar bu günahlarda israr etdikcə, din xadimləri və elm adamları da onlara bunu qadağan etmədikcə başlarına bəlalar gəlmişdir. Odur ki, sizin də başınıza onların başına gələnlər gəlmədən öncə (insanlara) yaxşı işləri əmr edib, pis işlərdən çəkindirin. Bilin ki, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək nə ruzini azaltmaz, nə də əcəli yaxınlaşdırmaz”. (Hədisin isnadı səhihdir, lakin hədis alimləri Yəhya ibn Yəmurun Əlidən (Allah ondan razı olsun) rəvayətini inkar etmişlər. (Əhməd Şakir). İbn Əbu Hatim, 6571).
İmam Əhməd Cərirdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Bir toplumda günah işlər açıq-aşkar görülərsə və ətrafdakıların buna mane olmağa gücü çatdığı halda, mane olmazlarsa, Allah onlara Öz tərəfindən əzab göndərər”. Oxşar hədisi Əbu Davud və İbn Məcə də rəvayət etmişlər. (Əhməd (4/363 Hələbi nəşri). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 4339; İbn Məcə, 4009. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3353).
əl-Maidə, 64-66
وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُوا نَارًا لِلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَ * وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ * وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْهِمْ مِنْ رَبِّهِمْ لَأَكَلُوا مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ مِنْهُمْ أُمَّةٌ مُقْتَصِدَةٌ وَكَثِيرٌ مِنْهُمْ سَاءَ مَا يَعْمَلُونَ
64. Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Dedikləri bu sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəbbindən sənə nazil edilən Kitab onlardan çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!
65. Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim cənnətlərinə daxil edərdik.
66. Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər. Onların arasında orta yol tutan bir zümrə vardır. Fəqət onların çoxunun etdiyi əməllər necə də pisdir!
Bu ayədə Uca Allah yəhudilərin Onu xəsis olaraq vəsf etdiklərini bildirir, lakin Allah onların dediklərindən uca və pakdır. Necə ki başqa bir ayədə Allahın kasıb, özlərinin isə varlı olduğunu demişlər (“Ali-İmran”, 181). Allaha xəsislik sifətini “Allahın əli bağlıdır!” deyərək nisbət etmişlər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəhudilər “Allahın əli bağlıdır!” deməklə, Allahın əlinin bükülü olduğunu deyil, Allahın xəsis olub, əlindəkiləri qısdığını nəzərdə tutmuşlar. Allah onların dediklərindən uca və pakdır”. İkrimə, Qatədə, əs-Suddi, Mucahid və əd-Dahhək də ayəni bu şəkildə təfsir etmişlər. Həmçinin bu ayəni oxumuşlar: “Əlini nə qoynuna bağla, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan” (“əl-İsra”, 29). Bu ayədə Uca Allah həm xəsislikdən, həm də israfdan, yəni malı yersiz və həddən ziyadə xərcləməkdən çəkindirmiş və xəsisliyi “Əlini nə qoynuna bağla...” deməklə ifadə etmişdir. Yəhudilərin nəzərdə tutduğu da budur. İkrimə demişdir: “Bu ayə yəhudi Finhas barədə nazı olmuşdur. “Ali-İmran” surəsinin təfsirində bildirdiyimiz kimi, “Allah kasıbdır, biz isə varlıyıq!” deyən məhz Finhas olmuş və bu sözünə görə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) onu vurmuşdur.
İbn İshaq İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Şəs ibn Qeys adlı bir yəhudi Peyğəmbərə ﷺ dedi: “Sənin Rəbbin xəsisdir, xərcləməz”. Uca Allah da bu ayəni nazil etdi: “Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Dedikləri bu sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 12334, 12497).
Uca Allah onların dediklərini rədd edib, uydurduqları sözə və iftiraya cavab olaraq belə buyurdu: ”Dedikləri bu sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!” Bu, həqiqətən də, belədir, çünki xəsislik, paxıllıq, qorxaqlıq və alçaqlıq onların əsas xüsusiyyətləridir. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Yoxsa onların hökmranlıqdan bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çəyirdəyindəki oyuq qədər bir şey verməzdilər. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?! Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik” (“ən-Nisa”, 53-54). Başqa bir ayədə isə buyurur: “Harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur” (“Ali-İmran”, 112).
Sonra Uca Allah buyurur: “Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir”, yəni əksinə, Allahın lütfü geniş, neməti boldur. Elə bir şey yoxdur ki, onun xəzinəsi Allah dərgahında olmasın. Yaratdıqlarında olan nemətlərin hamısı tək və şəriki olmayan Allah tərəfindən verilmişdir. Bizim gecə-gündüz bütün hallarımızda, həm səfərdə, həm də evimizdə olarkən ehtiyac duyduğumuz hər şeyi yaradan Odur. Necə ki Uca Allah buyurur: “O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur” (“İbrahim”, 34). Bu mənada ayələr çoxdur.
İmam Əhməd ibn Hənbəlin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Allahın sağ Əli doludur. Bu nemətlərin səhər-axşam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz. Məgər Allahın göyü və yeri yaratdığı gündən bəri nə qədər xərclədiyini görmürsünüz?! Bu, Onun sağ Əlindəkilərin azalmasına zərrə qədər təsir göstərməmişdir. Onun Ərşi suyun üzərindədir, digər Əlində isə tərəzi var. O, bu tərəzini aşağı endirir və yuxarı qaldırır”. Həmçinin demişdir: “Uca Allah buyurur: “(Ey qulum!) Malından Mənim yolumda xərclə, Mən də sənə xərcləyəcəyəm”. Bu hədisi əl-Buxari və Muslim “Səhih” əsərlərində də rəvayət etmişlər. (Əhməd (8125) Həmməm ibn Munəbbihin səhifəsində; əl-Buxari (13/347 Fəthul-Bari); Muslim (1/273-274). Həmçinin bax “əl-Musnəd” (7296). (Əhməd Şakir). əl-Buxari, 4316, 4684, 6869, 7419).
Uca Allah buyurur: “Rəbbindən sənə nazil edilən Kitab onlardan çoxunun azğınlığını və küfrünü artırar”, yəni ey Muhəmməd, Allahın sənə verdiyi nemət, sənə düşmən olan yəhudilər və bənzərləri üçün bir fəlakətdir. Bu nemət sayəsində möminlərin yəqinlikləri, saleh əməlləri və faydalı elmləri artdığı kimi, sənə və sənin ümmətinə həsəd aparan kafirlərin də azğınlıqları və küfrü artar. Burada azğınlıq – bir şeydə həddi aşmaq, küfr isə haqqı yalan saymaqdır. Necə ki Uca Allah buyurur: “De: “O (Quran), iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac var. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar” (“Fussilət”, 44). Həmçinin buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (“əl-İsra”, 82).
Uca Allah buyurur: “Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq”, yəni onların qəlbləri heç vaxt bir olmaz. Onların firqələri daim bir-birlərinə qarşı düşmənçilik aparacaqlar, çünki onlar sənə qarşı çıxıb səni yalançı saydıqları üçün heç bir zaman haqq üzərində birləşə bilməzlər. İbrahim ən-Nəxai Uca Allahın “Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq” ayəsinin təfsirində demişdir: “Yəni, onların arasına dini mövzularda mübahisə və çəkişmə saldıq”. Bu təfsiri İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Əbu Hatim, 6584).
Uca Allah buyurur: “Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər”, yəni nə vaxt sənə hiylə qurmaq üçün fürsət axtarsalar, nə vaxt səninlə döyüşmək üçün tədbir görsələr, Allah onu ləğv edər, hiylələrini öz əleyhlərinə çevirər və yaramaz hiylələri ancaq özlərini bürüyər. “Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz”, yəni yer üzündə davamlı fitnə-fəsad törətməyə çalışmaq onların təbiətindədir. Allah bu təbiətdə olanları sevməz.
Sonra Uca Allah buyurur: “Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı”, yəni əgər Kibab əhli Allaha və Onun Elçisinə iman gətirib etdikləri günahları və haramları tərk etsəydilər, “əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim cənnətlərinə daxil edərdik”, yəni onları qorxduqları Cəhənnəmdən xilas edib, arzuladıqları Cənnətə daxil edərdik.
Uca Allah buyurur: “Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər”. İbn Abbas və digərləri demişlər: “Bu ayədə “Rəbbindən özlərinə nazil edilənə” dedikdə Quran nəzərdə tutulur”. “Başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər”, yəni, əgər onlar əllərində olan və peyğəmbərlərinin gətirdiyi kitaba olduğu kimi, onu təhrif etmədən və dəyişmədən əməl etsəydilər, bu onları haqqa tabe olmağa aparardı və Uca Allahın Muhəmmədə ﷺ verdiyi dinə əməl etməyə yönəldərdi. Çünki onların kitabları Peyğəmbəri ﷺ təsdiq etməyi və ona sözsüz tabe olmağı əmr edir.
Uca Allah buyurur: “Başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər”. Burada göydən enən və yerdən çıxan ruzinin çoxluğu nəzərdə tutulur. Necə ki Uca Allah başqa ayələrdə buyurur: “Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq” (“əl-Əraf”, 96). Həmçinin buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara etdiklərinin bir qismini daddırsın, bəlkə, onlar haqqa qayıdalar” (“ər-Rum”, 41).
İbn Əbu Hatim bu ayəni təfsir edərkən Abdur-Rahmən ibn Cubeyr ibn Nufeyrdən, onun da atasından belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ demişdir: “Tezliklə elm qaldırılacaq”. Ziyad ibn Ləbid dedi: “Ey Allahın Elçisi, elm necə qalxa bilər, biz Quranı oxuyur və onu uşaqlarımıza öyrədirik”. Peyğəmbər ﷺ dedi: “Ey Ləbidin oğlu, anan səni itirsin. (Bu cümlə ərəblərdə sözgəlişi deyilərək həqiqi mənası nəzərdə tutulmayan cümlələrdəndir). Mən də səni Mədinənin ən elmli insanlarından biri olduğunu sanırdım. Məgər Tövrat və İncil yəhudi və xaçpərəstlərin əlində deyilmi? Onlar Allahın əmrini tərk etdikləri zaman bu kitabların əllərində olmasının onlara nə faydası var?” Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər”. Bu hədisi İbn Əbu Hatim əvvəli “muəlləq” sonu “mursəl” olan bir isnadla rəvayət etmişdir. (İbn Əbu Hatim, 6595; İbn Qani “Mucəmus-Sahabə” 263).
İmam Əhməd Səlim ibn Əbul-Cəddən, o da Ziyad ibn Ləbiddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ bir şeyi izah etdi və dedi: “Bu, elm getdiyi zaman baş verəcək”. Biz dedik: “Ey Allahın Elçisi, elm necə gedəcək? Biz Quranı oxuyur və onu uşaqlarımıza oxuduruq. Beləcə, Qiyamətə qədər onların uşaqları da Quranı öz uşaqlarına oxudacaqlar”. Peyğəmbər ﷺ dedi: “Ey Ləbidin anasının oğlu, anan səni itirsin, mən də səni Mədinənin ən elmli adamlarından biri sanırdım. Məgər yəhudi və xaçpərəstlər Tövrat və İncili oxumurlarmı? Lakin orada olanlardan heç bir şəkildə faydalana bilmirlər”. Hədisi İbn Məcə də rəvayət etmişdir. Hədisin isnadı səhihdir. (Əhməd (17545); İbn Məcə (4047). Ziyad ibn Ləbid (Allah ondan razı olsun) köhnə səhabələrdəndir. Mədinəlidir, əl-Əus qəbiləsindəndir. İslamı ilk qəbul edənlərdən biri olub. İslamı qəbul etdikdən sonra Peyğəmbərin ﷺ yanına Məkkəyə gəlmiş, sonra Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdə yenidən onunla Mədinəyə qayıtmışdır. Onun barəsində belə deyirdilər: “Ziyad Ənsarlı mühacirdir”. İbn Sad (3/2/131) qeyd etmişdir ki, o, Peyğəmbərlə ﷺ Bədr, Uhud, Xəndək və digər bütün döyüşlərdə iştirak etmişdir. Həmçinin hədisi əl-Hakim (3/590) rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. (Əhməd Şakir). Əhməd, 24036, 24490; əl-Hakim, 6500. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 277).
Uca Allah buyurur: “Onların arasında orta yol tutan bir zümrə var. Fəqət onların çoxunun etdiyi əməllər necə də pisdir”. Bu ayə, Uca Allahın digər bir ayəsinə bənzəyir: “Musanın qövmündən elə bir camaat var ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (“əl-Əraf”, 159). Həmçinin İsanın (ona salam olsun) davamçıları barədə buyurur: “Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir” (“əl-Hədid”, 27). Uca Allah onlardan orta yol tutanların ən üstün dərəcəyə sahib olduqlarını bildirmişdir. Orta yol tutmaq bu ümmətin orta dərəcəsidir. Bundan daha yüksək dərəcəyə sahib olanlar isə xeyir işlərdə öndə gedənlərdir. Necə ki Uca Allah bu ümmət barədə belə buyurur: “Sonra Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır” (“Fatır”, 32-33). Doğru olan rəyə görə, bu ümmətin hər üç qrupu Cənnətə girəcək.
əl-Maidə, 67
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
67. Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz ki, Allah kafir toplumu doğru yola yönəltməz.
Uca Allah bu ayədə qulu və elçisi Muhəmmədə ﷺ “Rəsul” deyə xitab edərək ona buyurduğu bütün əmrləri təbliğ etməyi əmr edir. Peyğəmbər ﷺ Allahın bu əmrinə bütünlüklə tabe olmuş və öz vəzifəsini ən gözəl şəkildə yerinə yetirmişdir. əl-Buxari bu ayənin təfsirində Aişənin (Urva ibn Zubeyrə) belə dediyini rəvayət etmişdir: “Kim sənə desə ki, Muhəmməd ﷺ Allahın ona nazil etdiyi vəhydən bir şey gizlətmişdir, yalan danışmış olar. Çünki Uca Allah: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan”– buyurur”. (əl-Buxari, 4226, 4612, 6977, 7531). əl-Buxari burada bu hədisi müxtəsər olaraq, “Səhih” əsərinin bir çox yerlərində isə uzun mətnlə rəvayət etmişdir. Eyni hədisi Muslim, ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər.
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Əgər Muhəmməd ﷺ Qurandan bir şey gizlətmiş olsaydı, bu ayəni gizlədərdi: “Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki, əslində, qorxmalı olduğun məhz Allahdır” (“əl-Əhzab”, 37)”. (Muslim, 259, 458). İbn Əbu Hatim Harun ibn Antərədən, o da atasından belə rəvayət etmişdir: “Bir dəfə mən Abdullah ibn Abbasın yanında idim. Bir kişi onun yanına gəlib dedi: “Bəzi insanlar bizim yanımıza gəlib, sizdə Peyğəmbərin ﷺ insanlara bildirmədiyi şeylərin olduğunu deyirlər. Bu, doğrudurmu?” İbn Abbas dedi: “Məgər Uca Allahın: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan” buyurduğunu bilmirsənmi? Allaha and olsun ki, Peyğəmbər ﷺ bundan başqa, bizə heç nə miras qoymamışdır”. Bu rəvayətin isnadı güclüdür. (İbn Əbu Hatim, 6611).
əl-Buxarinin “Səhih” əsərində Əbu Cuheyfənin belə dediyi rəvayət olunur: “Mən Əlidən soruşdum: “Siz Allahın Kitabında olanlardan başqa, qeybə aid bir şey bilirsinizmi?” Əli dedi: “Toxumu çatladıb cücərdən və insanı yaradan Allaha and olsun ki, Allahın bir insana Qurandan öyrətdiyi elm istisna olmaqla, mənim bildiyim ancaq və ancaq bu səhifələrdə yazılanlardır”. Mən: “Səhifələrdə nə yazılmışdır?”– deyə soruşdum. Dedi: “Qanbahasını ödəmək, əsirləri azad etmək və kafirə görə müsəlmanı öldürməmək”. (əl-Buxari, 2820, 3047). əl-Buxari əz-Zuhrinin belə dediyini rəvayət etmişdir: “Din Allahdandır, Peyğəmbərin ﷺ üzərinə düşən, bu dini təbliğ etmək, bizim üzərimizə düşən isə onu qəbul etməkdir”. (əl-Buxari, 97).
Muhəmmədin ümməti şahidlik etmişdir ki, Peyğəmbər ﷺ ona əmanət olunan dini onlara layiqli şəkildə çatdırmışdır. Peyğəmbər ﷺ ən əzəmətli yığıncaqda – vida həcci xütbəsində qırx min səhabənin hüzurunda ümmətindən bu şahidliyi dilə gətirməyi tələb etmişdir. Muslimin “Səhih” əsərində Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ həmin gün vida xütbəsində belə demişdir: “Ey insanlar, sizdən mənim barəmdə soruşulacaq. Nə deyəcəksiniz?” Onlar dedilər: “Biz şahidlik edirik ki, sən dini təbliğ etdin, üzərində olan əmanəti layiqincə əda etdin və ümmətinə öyüd-nəsihət verdin”. Peyğəmbər ﷺ şəhadət barmağını göyə aldırdı və onlara doğru çevirərək: “Allahım, təbliğ etdimmi?”– dedi”. (əl-Buxari, 1623, 1739).
İmam Əhməd İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ vida həccində insanlardan soruşdu: “Ey insanlar, bu hansı gündür?” İnsanlar: “Haram ayın günlərindən biridir”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ soruşdu: “Bu hansı şəhərdir?” İnsanlar: “Haram şəhərdir”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ soruşdu: “Bu hansı aydır?” İnsanlar: “Haram aydır (Zül-Hiccə)”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ dedi: “Həqiqətən, sizin qanınız, malınız və namusunuz bir-birinizə, bu gününüzün bu ayınızda və bu şəhərinizdə haramlığı kimi haramdır”. Bunu bir neçə dəfə təkrarladı. Sonra şəhadət barmağını göyə qaldıraraq: “Allahım, təbliğ etdimmi?”– dedi və bir neçə dəfə bunu təkrarladı”. İbn Abbas dedi: “Allaha and olsun ki, bu, Peyğəmbərin ﷺ Rəbbinə vəsiyyəti idi”. Sonra Peyğəmbər ﷺ belə dedi: “Qoy burada olanlar eşitdiklərini burada olmayanlara çatdırsınlar. Məndən sonra dininizdən dönüb bir-birinin boynunu vuran kafirlərdən olmayın!” Oxşar hədisi əl-Buxari də rəvayət etmişdir. (Əhməd (2036). İbn Kəsir bu hədisi özünün “ət-Tərix” (5/194) əsərində əl-Buxarinin rəvayəti ilə qeyd etmişdir. Bax: “Fəthul-Bari” (3/407-408). (Əhməd Şakir). əl-Buxari, 1623, 1739).
Uca Allah buyurur: “Əgər bunu etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan”, yəni əgər sənə həvalə etdiyim dini insanlara çatdırmasan, “Onun risalətini yerinə yetirmiş olmazsan”. Yəni, Peyğəmbər ﷺ Allahın ona verdiyi peyğəmbərlik vəzifəsini yerinə yetirməsəydi, başına nəyin gələcəyini bilirdi.
Uca Allah buyurur: “Allah səni insanlardan qoruyacaq”, yəni sən Mənim risalətimi təbliğ et. Mən səni qoruyacağam, dəstəkləyəcəyəm, sənə kömək edəcəyəm və səni düşmənlərinin üzərində qalib edəcəyəm. Elə isə qorxma, kədərlənmə. Onlardan heç kim sənə zərər verə bilməz. Bu ayə nazil olmazdan əvvəl Peyğəmbər ﷺ gözətçilər tərəfindən qorunurdu. İmam Əhməd Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir gecə Peyğəmbər ﷺ səhərə qədər yatmadı. Həmin gecə Aişə onun yanında idi. Aişə dedi: “Mən soruşdum: “Ey Allahın Elçisi, sənə nə olub?” Peyğəmbər ﷺ dedi: “Kaş ki, səhabələrimdən əməlisaleh bir kişi bu gecə mənə keşik çəkəydi”. Aişə dedi: “Biz bu vəziyyətdə ikən, birdən silah səsi eşitdik”. Peyğəmbər ﷺ: “Bu kimdir?” – deyə soruşdu. Kişi: “Mən Sad ibn Malikəm”, – dedi. Peyğəmbər ﷺ: “Nə üçün gəlmisən?” – deyə soruşduqda, Sad: “Ey Allahın Elçisi, səni mühafizə etmək üçün gəlmişəm”, – dedi”. Aişə dedi: “Bundan sonra mən Peyğəmbərin ﷺ bərk yatdığını gördüm”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Buxari, 6690, 7231; Muslim, 4427, 6383; Əhməd, 25093, 25136, 25606).
İbn Əbu Hatim Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Uca Allahın: “Allah səni insanlardan qoruyacaq” ayəsi nazil olana qədər Peyğəmbər ﷺ (səbəblərdən tutaraq) mühafizə olunurdu. Bu ayə nazil olduqdan sonra Peyğəmbər ﷺ çadırdan boylanaraq: “Ey insanlar, gedin! Artıq Uca Allah məni qoruyur”, – dedi”. Hədisi ət-Tirmizi, Səid ibn Mənsur, İbn Cərir və əl-Hakim də rəvayət etmişlər. ət-Tirmizi hədisin “ğarib” olduğunu bildirmişdir. əl-Hakim isə demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (ət-Tirmizi (4/96); ət-Tabəri (12276); əl-Hakim (2/313). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6615; ət-Tabəri, 12328; ət-Tirmizi, 3046, 3320; əl-Hakim, 3221. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2489).
Uca və Qüdrətli Allahın Öz Rəsulunu ﷺ Məkkə müşriklərinin başçılarından, həsəd aparanlardan, inadkarlardan və cah-cəlal içində yaşayanlardan mühafizə etməsi onu qorumasının nümunələrindəndir. Onların Peyğəmbərə ﷺ həddən artıq kin-küdurət və düşmənçilik bəsləmələrinə, gecə-gündüz ona qarşı mübarizə aparmalarına baxmayaraq, Uca Allah Öz qədəri və böyük hikməti ilə onu qormaq üçün böyük üsullar yaratdı. Peyğəmbərliyin əvvəlində əmisi Əbu Talib vasitəsilə onu mühafizə etdi. Belə ki, Əbu Talib Qureyş qəbiləsində yüksək nüfuza malik, itaət olunan böyük bir adam idi. Uca Allah Əbu Talibin qəlbində Peyğəmbərə ﷺ qarşı təbii sevgi yaratdı. Bu sevgi şəri (Allah üçün) deyildi, təbii idi. Əgər o, İslamı qəbul etsəydi, qureyşli kafirlər və başçılar ona qarşı çıxmağa cəsarət göstərərdilər. Lakin onunla həmin kafirlər arasında ortaq bir küfr olduğu üçün ondan çəkinir və ona hörmət edirdilər. Əbu Talib vəfat etdikdən sonra müşriklər Peyğəmbərə ﷺ çox əziyyət verdilər. Sonra Uca Allah Peyğəmbərə ﷺ ənsarları (Mədinə əhalisini) yoldaş etdi. Onlar İslamı və Peyğəmbəri ﷺ qoruyub öz yurdlarında – Mədinədə mühafizə etmək üçün sədaqət andı içdilər. Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra onlar onu bütün düşmənlərdən mühafizə etdilər. Müşriklərdən və Kitab əhlindən kimsə Peyğəmbərə ﷺ pislik etmək istədikdə Allah ona qarşı qurulan hiyləni onların öz əleyhinə çevirirdi. Yəhudilər hiylə işlədərək Peyğəmbərə ﷺ sehr etmək istədikdə Allah onu qorudu və ona sehrdən çarə olaraq “əl-Fələq” və “ən-Nəs” surələrini nazil etdi. Yəhudilər qızarmış quzu qolu ilə onu zəhərləmək istədikdə Allah ona bunu bildirdi və onu zəhərlənməkdən qorudu. Buna oxşar çox nümunələr var. Bunların hamısını qeyd etmək olduqca uzun olar. Məsələn, “Səhih” əsərində rəvayət olunan Ğaurəs ibn əl-Hərisin hekayəsi məşhurdur. (“ən-Nisa” surəsinin 102-ci və “əl-Maidə” surəsinin 7–11-ci ayələrinin təfsirinə bax. (Əhməd Şakir). İbn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, biz Peyğəmbərlə ﷺ səfərdə olarkən dincəlmək üçün bir yerdə dayandıqda, o ərazidəki ən böyük ağacı kölgələnmək üçün Peyğəmbərə ﷺ verərdik. Peyğəmbər ﷺ də bu ağacın altında istirahət edərdi. Bir gün o, dincəlmək üçün bir ağacın altında uzandı və qılıncını ağacdan asdı. Bir kişi gəlib Peyğəmbərin ﷺ qılıncını götürdü və dedi: “Ey Muhəmməd, səni mənim əlimdən kim xilas edə bilər?” Peyğəmbər ﷺ dedi: “Məni səndən Allah xilas edər. Qılıncı yerə qoy!” Kişi qılıncı yerə qoydu. Uca Allah da: “Allah səni insanlardan qoruyacaq” ayəsini nazil etdi. Bu hədisi Əbu Hatim ibn Hibban da “Səhih” əsərində rəvayət etmişdir. (əs-Suyuti hədisi “əd-Durrul-Mənsur” əsərində qeyd etmiş və yalnız İbn Hibbana və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). Muslim, 1391, 1986).
İmam Əhməd Cədə ibn Xaliddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ kök bir kişi gördü və əli ilə kişinin qarnını göstərərək: “Əgər bu köklük başqa bir yerdə (qəlbində) olsaydı, sənin üçün daha xeyirli olardı”, – dedi. Sonra Peyğəmbərin ﷺ yanına bir kişi gətirib: “Bu, səni öldürmək istəyirdi”, – dedilər. Peyğəmbər ﷺ dedi: “Qorxma! Sən bunu etmək istəsən də, Allah sənə məni öldürməyə imkan verməz”. (Əhməd (15933). Hədisin isnadı səhihdir. Hədisi əl-Heysəmi “əz-Zəvaid” (8/226-227) əsərində qeyd etmiş və demişdir: “Əhməd və ət-Tabərani müxtəsər olaraq rəvayət etmişlər. Hədisin isnadındakı ravilər, Əbu İsrail əl-Cəşmidən başqa, “Səhih” əsərinin hədislərini rəvayət edən ravilərdir. O da mötəbər ravidir”. (Əhməd Şakir). Əhməd, 15908, 15963. Hədisin isnadı zəifdir. Bax: Silsilə əd-Daifə, 9/320, 4335-ci hədis).
Uca Allah buyurur: “Şübhəsiz ki, Allah kafir toplumu doğru yola yönəltməz”, yəni ey Peyğəmbər, sən Allahın dinini təbliğ et. Allah istədiyinə hidayət verər və istədiyini də azdırar. Necə ki başqa ayədə belə buyurur: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir” (“əl-Bəqərə”, 272), həmçinin buyurur: “Bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (“ər-Rəd”, 40).
əl-Maidə, 68-69
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَى شَيْءٍ حَتَّى تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ * إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
68. De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir toplum üçün heyifsilənmə.
69. Şübhəsiz ki, iman gətirənlərin, habelə yəhudilərdən, sabiilərdən və nəsranilərdən Allaha və Axirət gününə iman gətirib, yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
Uca Allah bu ayələrdə buyurur: “Ey Muhəmməd, de ki: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyilsiniz”, yəni əlinizdə olan, Allah tərəfindən peyğəmbərlərə nazil edilən kitabların hamısına iman gətirməyincə və bu kitablardakı əmrləri yerinə yetirməyincə doğru bir din üzərində deyilsiniz. Bu əmrlərdən biri də Allahın Elçisi Muhəmmədə ﷺ iman gətirib, onun şəriətinə tabe olmaqdır. Mucahid Uca Allahın: “Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə...” sözü barədə demişdir: “Yəni, Əzəmətli Qurana düzgün əməl etmədikcə”.
Uca Allah buyurur: “Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır”. Bu cümlənin təfsiri əvvəl keçmişdir. (“əl-Maidə” surəsinin 64–66-cı ayələrinin təfsirində keçmişdir). “Sən isə kafir toplum üçün heyifsilənmə”, yəni onlara görə qəm yemə, çünki onlar sənə əziyyət verə bilməyəcəklər. (Oxşar ayənin təfsiri “əl-Bəqərə” surəsinin 62-ci ayəsində keçmişdir).
Sonra Uca Allah buyurur: “Şübhəsiz ki, iman gətirənlərin”, yəni müsəlmanların, “habelə yəhudilərdən”, yəni Tövrat mənsublarından, “sabiilərdən”, Mucahid “sabiilər” barədə belə demişdir: “Sabiilər atəşpərəst və xaçpərəstlərin içindən dini olmayan bir tayfadır”. Həmçinin demişdir: “Sabiilər dini olmayan yəhudi və atəşpərəstlərdir”. Səid ibn Cubeyr isə demişdir: “Sabiilər xaçpərəstlərlə yəhudilər arasında olan bir tayfadır”. Qatədə demişdir: “Sabiilər mələklərə ibadət edən, qiblədən başqa istiqamətə yönələrək namaz qılan və Zəbur oxuyan bir qövmdür”. İbn Vəhb demişdir: “Əbu əz-Zinəd atasından rəvayət etmişdir ki, sabiilər İraqdan o tayda, Kəusə adlanan ərazidə yaşayan bir tayfadır. Onlar bütün peyğəmbərlərə iman gətirər, ildə otuz gün oruc tutar və Yəmən istiqamətinə gündə beş vaxt namaz qılarlar”. (İbn Əbu Hatim, 641). Sabiilər barədə başqa sözlər də deyilmişdir. Bu barədə “əl-Bəqərə” surəsinin 62-ci ayəsinin təfsirində ətraflı məlumat verilmişdir. “...və nəsranilərdən” – nəsranilər isə tanınmış İncil mənsublarıdır.
Ayədə nəzərdə tutulan budur ki, Allaha və Axirət gününə, yəni Qiyamət günü diriləcəyinə və hesaba çəkiləcəyinə iman gətirib yaxşı işlər görən firqənin öldükdən sonra baş verəcəklərə görə “heç bir qorxusu yoxdur”, geridə buraxdıqlarına görə də “onlar kədərlənməyəcəklər”. Bir əməlin Allah qatında yaxşı əməl sayılması (qəbul olunması) üçün bu əməl insanlara və cinlərə peyğəmbər göndərilmiş Muhəmmədin ﷺ şəriətinə tam uyğun olmalıdır. Oxşar ayələrin təfsiri barədə “əl-Bəqərə” surəsini təfsir edərkən danışmışıq, burada təkrar etməyə ehtiyac yoxdur. (“əl-Bəqərə” surəsinin 38 və 112-ci ayələrinin təfsirində keçmişdir).
əl-Maidə, 70-71
لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلًا كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ * وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِنْهُمْ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
70. Biz İsrail oğullarından əhd-peyman aldıq və onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirdikdə o elçilərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
71. Onlar başlarına bir bəla gəlməyəcəyini güman etdilər, beləliklə də, kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini görür.
Uca Allah bu ayələrdə İsrail oğullarından Allaha və Onun Elçisinə itaət edəcəklərinə dair möhkəm əhd-peyman aldığını, lakin onların bu əhdi pozub, öz rəylərinə və nəfsi istəklərinə tabe olduqlarını, nəfsi istəklərini Allahın qanunlarından üstün tutduqlarını, bu qanunlardan istəklərinə uyğun gələni qəbul edib, uyğun gəlməyəni isə rədd etdiklərini bildirərək buyurur: “Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirdikdə o elçilərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. Onlar başlarına bir bəla gəlməyəcəyini güman etdilər”, yəni etdikləri əməllərə görə başlarına hər hansı bir müsibətin gəlməyəcəyini zənn etdilər. Lakin onların zənn etdiyi kimi olmadı, bu müsibət gəldi və bu da onların haqq qarşısında kor və kar olmalarıdır. Odur ki, haqqı eşitməz və haqq yoluna yönəlməzlər. “Sonra Allah onların tövbələrini qəbul etdi”, yəni etdikləri əməlləri bağışladı. “Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini görür”, yəni Allah onların etdiklərindən xəbərdardır, kimin hidayətə, kimin isə azğınlığa layiq olduğunu bilir.
əl-Maidə, 72-75
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ * لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ وَمَا مِنْ إِلَهٍ إِلَّا إِلَهٌ وَاحِدٌ وَإِنْ لَمْ يَنْتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ * أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ * مَا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلَانِ الطَّعَامَ انْظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْآيَاتِ ثُمَّ انْظُرْ أَنَّى يُؤْفَكُونَ
72. “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər kafir oldular. Halbuki Məsih demişdi: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir. Zalımların heç bir yardımçısı yoxdur”.
73. “Allah üçlüyün üçüncüsüdür!”– deyənlər də kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlar ağrılı-acılı bir əzaba uğrayacaqlar.
74. Onlar Allaha tövbə edib, Ondan bağışlanma diləməyəcəklərmi?! Allah bağışlayandır, rəhmlidir.
75. Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib-getmişlər. Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar haqdan necə üz çevirirlər!
Uca Allah bu ayələrdə xaçpərəstlərin Məlikiyyə, Yaqubiyyə və Nəsturiyyə (Bu firqələr barədə ətraflı “ən-Nisa” surəsinin 159 və 171-ci ayələrində verilmişdir). firqələrinin kafir olduqlarına hökm verir. Çünki onlar Məsihin (ona salam olsun) Allah olduğunu deyirdilər. Allah onların dediklərindən Uca və pakdır. Halbuki Məsih onlara Allahın qulu və elçisi olduğunu demişdi. Məsihin beşikdə körpə ikən ilk dediyi: “Həqiqətən də, mən Allahın quluyam!” kəlməsi olmuşdur. O, “mən Allaham” və ya “Allahın oğluyam” deməmişdir. Əksinə, belə demişdir: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyər, o da dərhal olar. İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur” (“Məryəm”, 30–36).
Həmçinin yetkinlik çağına çatdıqda və ona peyğəmbərlik verildikdə İsrail oğullarını həm özünün, həm də onların Rəbbi olan, tək və şəriki olmayan Allaha ibadət etməyə çağırmış və demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa”, yəni Allahla yanaşı, başqa məbudlara ibadət edərsə, “heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir”, yəni Cəhənnəmi ona vacib edər, Cənnəti isə haram edər. Necə ki başqa bir ayədə belə buyurur: “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar” (“ən-Nisa”, 48, 116). Həmçinin buyurur: “Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir” (“əl-Əraf”, 50).
“Səhih” əsərində rəvayət edilir ki, Peyğəmbər ﷺ bir carçı göndərərək insanlar arasında belə səslənməsini buyurmuşdur: “Həqiqətən, Cənnətə yalnız müsəlman insan girəcəkdir”. (əl-Buxari, 6047, 6528; Muslim, 325, 552). Başqa bir rəvayətdə isə “Cənnətə yalnız mömin insan girəcəkdir” (“əl-Musnəd” (3661) əsərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunan hədisin bir hissəsidir. Həmçinin hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhih əl-Cami, 89). deyilir. “ən-Nisa” surəsinin əvvəlində Uca Allahın “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz...” (“ən-Nisa”, 48) ayəsini təfsir edərkən “Allah qatında əməl dəftərləri üç növdür” hədisi keçmişdir. Bu dəftərlərdən biri də Allahın əsla bağışlamayacağı əməl dəftəridir. Peyğəmbər ﷺ demişdir: “Allahın əsla bağışlamayacağı əməl dəftəri Allaha şərik qoşmaqdır. Çünki Uca Allah buyurur: “Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər” (“əl-Maidə”, 72)”. Hədis İmam Əhmədin “əl-Musnəd” əsərindədir. (Bu surənin 47–48-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Uca Allah Məsihin (ona salam olsun) İsrail oğullarına belə dediyini xəbər verir: “Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir. Zalımların heç bir yardımçısı yoxdur”, yəni Allaha şərik qoşanın Allah qatında düşdüyü əzabdan qurtarmaq üçün nə bir yardımçısı, nə də bir xilaskarı olacaqdır.
Uca Allah buyurur: “Allah üçlüyün üçüncüsüdür!” deyənlər də, kafir oldular”. İbn Əbu Hatim rəvayət etmişdir ki, Əbu Saxr Uca Allahın “Allah üçlüyün üçüncüsüdür!” deyənlər də, kafir oldular” ayəsi barədə belə demişdir: “Doğru olan budur ki, bu ayə xüsusən xaçpərəstlər barədə nazil olmuşdur. Mucahid və başqaları belə demişlər”. (İbn Əbu Hatim, 6647). Lakin bu mövzuda da təfsir alimləri arasında fikir ayrılığı var. Bəzi təfsirçilər burada Allahın üç uqnum – ata, oğul və atadan oğula keçən kəlmə (müqəddəs ruh) olduğunu deməklə, kafir olan xaçpərəstlərin nəzərdə tutulduğunu demişlər. Allah onların dediklərindən çox uca və çox uzaqdır. İbn Cərir və başqaları demişlər: “Xaçpərəstlərin Məlikiyyə, Yaqubiyyə və Nəsturiyyə firqələrinin üçü də üç uqnumu qəbul edirlər. Lakin bu üç firqə arasında fərqli görüşlər var. Burada bunu şərh etmək münasib deyil. Bu firqələrdən hər biri digərini kafir görür, əslində isə bu üç firqənin hamısı kafirdir”. əs-Suddi və başqaları demişlər: “Bu ayə xaçpərəstlərin İsanı və anasını (Məryəmi) Allaha şərik qoşaraq, Allahı üçlüyün üçüncüsu qəbul etmələrinə görə nazil olmuşdur”. əs-Suddi demişdir: “Bu ayə surənin sonunda olan Uca Allahın bu ayəsinə bənzəyir: ”Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub, məni və anamı iki məbud qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!” (“əl-Maidə”, 116). Bu rəy daha üstündür. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur”, yəni ilah çox deyil, tayı və bənzəri olmayan yalnız bir İlah var. O, kainatın və bütün varlıqların İlahıdır. Sonra Uca Allah onları ağrılı-acılı bir əzabla hədələyərək buyurur: “Əgər onlar dediklərinə son qoymasalar”, yəni bu böhtan və yalandan əl çəkməsələr, “onlardan kafir olanlar ağrılı-acılı bir əzaba uğrayacaqlar”, yəni Axirətdə boyunlarında dəmir halqalar və zəncirlərlə əzaba sürüklənəcəklər.
Sonra Uca Allah buyurur: “Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklərmi?! Allah bağışlayandır, rəhmlidir”. Bu, Uca Allahın səxavətinin, lütfünün və yaratdıqlarına qarşı mərhəmətinin ifadəsidir. Belə böyük günah etmələrinə, Allaha qarşı bu cür böyük yalan və böhtanlar demələrinə baxmayaraq, yenə də Allah onları tövbə etməyə və bağışlanma diləməyə çağırır. Çünki kim tövbə edərsə, Allah onun tövbəsini qəbul edər.
Uca Allah buyurur: “Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib-getmişlər”, yəni o da keçmiş peyğəmbərlər kimi bir peyğəmbər, Allahın qullarından və şərəfli elçilərindən biridir. Uca Allahın bu ayədə buyurduğu kimi: “O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur” (“əz-Zuxruf”, 59).
Uca Allah buyurur: “Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi”, yəni o da Allaha iman gətirmiş və Onu (Rəbbinin Sözlərini və Onun Kitablarını) təsdiq etmiş bir qadın idi. Bu, onun üçün ən üstün məqamdır. Bu da göstərir ki, Məryəm peyğəmbər deyildi. Necə ki İbn Həzm və başqaları İshaqın anası Saranın, Musanın və İsanın analarının peyğəmbər olduqlarını zənn etmiş və bunu mələklər tərəfindən onlara xitab olunması ilə əsaslandırmışlar. Uca Allah Musanın anasına xitab edərək belə buyurur: “Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”– deyə vəhy etdik” (“əl-Qəsəs”, 7). (Burada vəhy dedikdə, ilham etmək nəzərdə tutulur. Necə ki Uca Allah başqa bir ayədə bal arısından bəhs edərək buyurur: “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör...” (“ən-Nəhl”, 68). Onlara görə, vəhy peyğəmbərlik mənasındadır. Halbuki əksər alimlərin rəyinə görə, Allah bütün peyğəmbərləri yalnız kişilərdən göndərmişdir. Uca Allah bu xüsusda buyurur: “Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik” (“Yusuf”, 109). Şeyx Əbul-Həsən əl-Əşari bu məsələdə alimlərin yekdil rəyinin olduğunu bildirmişdir.
Uca Allah buyurur: “Hər ikisi də yemək yeyərdi”, yəni hər ikisi yemək yeməyə, sonra isə yediklərini xaric etməyə ehtiyac duyurdular və hər ikisi digər insanlar kimi qul idilər. Cahil xaçpərəst təriqətlərinin iddia etdikləri kimi, ilah deyildilər.
Sonra Uca Allah buyurur: “Bax gör ayələrimizi onlara necə bəyan edirik”, yəni bax gör ayələrimizi onlara necə açıqlayır və izah edirik. “Sonra da gör onlar haqdan necə üz çevirirlər”, yəni bu qədər açıqlama və izahdan sonra hara gedirlər?! Hansı sözə əsaslanırlar?! Hansı azğın yola yönəlirlər?!
əl-Maidə, 76-77
قُلْ أَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا وَاللَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ * قُلْ يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَنْ سَوَاءِ السَّبِيلِ
76. De: “Allahı qoyub, sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah Eşidəndir, Biləndir.
77. De: “Ey Kitab əhli! Dininizdə haqsız olaraq ifrata varmayın. Öncədən azmış, bir çoxlarını da azdırmış və doğru yoldan uzaqlaşmış bir toplumun istəklərinə uymayın”.
Uca Allah bu ayədə Ondan başqasına – bütlərə, heykəllərə və ağaclara ibadət edənlərin əməllərini pisləyərək bunlardan heç birinin ibadət olunmağa layiq olmadığını bildirir və buyurur: “De:”, yəni ey Muhəmməd, Allahdan başqalarına ibadət edən insanlara de. Xaçpərəstlər və digərləri də bura daxildir. “Allahı qoyub, sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?”, yəni sizin ilah qəbul edib ibadət etdikləriniz sizə nə bir zərər verə bilər, nə də fayda gətirə bilər. “Allah Eşidəndir, Biləndir”, yəni nə üçün qullarının dediyi hər şeyi eşidən və hər şeyi bilən tək Allaha ibadət etməkdən boyun qaçırıb, eşitməyən, görməyən, heç bir şey bilməyən, nə özünə, nə də başqasına nə bir zərər, nə də bir xeyir verməyən şeylərə ibadət edirsiniz?
Uca Allah buyurur: “De: “Ey Kitab əhli! Dininizdə haqsız olaraq ifrata varmayın...”, yəni ey Kitab əhli, haqqa tabe olmaqda həddi aşmayın, hörmət etmək əmr olunmuş adamı peyğəmbərlik dərəcəsindən qaldırıb ilah dərəcəsinə yüksəltməyin. Necə ki İsa Məsihi (ona salam olsun) belə etdiniz. O, Allahın göndərdiyi peyğəmbərlərdən biri olduğu halda, siz onu Allahdan başqa bir ilah qəbul etdiniz. Buna səbəb isə öncədən azmış sələflərinizə, zəlalət başçılarınıza tabe olmağınızdır. “Öncədən azmış, bir çoxlarını da azdırmış və doğru yoldan uzaqlaşmış bir toplumun istəklərinə uymayın”, yəni onlar düz yoldan saparaq zəlalət yoluna düşmüşlər.
əl-Maidə, 78-81
لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ * كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ * تَرَى كَثِيرًا مِنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُوا لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنْفُسُهُمْ أَنْ سَخِطَ اللَّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ * وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِاللَّهِ وَالنَّبِيِّ وَمَا أُنْزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاءَ وَلَكِنَّ كَثِيرًا مِنْهُمْ فَاسِقُونَ
78. İsrail oğullarından kafir olanlar, Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdi. Bu, onların asi olmalarına və Allahın qoyduğu hədləri aşmalarına görə idi.
79. Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!
80. Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! Buna görə də Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar.
81. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkardırlar.
Uca Allah bu ayələrdə İsrail oğullarından kafir olanları uzun zamandan bəri Öz peyğəmbəri Davuda (ona salam olsun) nazil etdiyi Kitabda və Məryəm oğlu İsanın (ona salam olsun) dili ilə lənətlədiyini bildirir. Buna səbəb isə İsrail oğullarının Allaha asi olmaları və insanlara qarşı həddi aşmaları olmuşdur. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “İsrail oğulları Tövrat, İncil, Zəbur və Quranda lənətlənmişlər”.
Sonra Uca Allah İsrail oğullarının öz dövrlərindəki hallarını açıqlayaraq belə buyurur: “Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər”, yəni onlardan heç kim digərinə qarşı günah və haram işlətdiyi zaman mane olmurdu. Sonra Uca Allah başqalarını bu əməldən çəkindirmək üçün onları məzəmmət edərək buyurur: “Onların etdikləri necə də pisdir!”
İmam Əhməd ibn Hənbəl Əbu Ubeydədən, o da Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İsrail oğulları günah əməl etdikdə alimləri onları bu əməldən çəkindirirdilər, lakin onlar bu günah əməli tərk etmirdilər. Alimlər də onlarla eyni məclislərdə oturmalı olurdular”. Hədisi rəvayət edən Yəzid demişdir: “Zənn edirəm ki, o, belə dedi: “Bazarlarda onlarla oturub, eyni məclislərdə yeyib-içirdilər. Belə olduqda Allah günahkarlarla oturub-durduqlarına görə alimlərinin qəlblərini sərtləşdirdi, Davud və Məryəm oğlu İsanın (ona salam olsun) dili ilə onları lənətlədi. Bu, onların asi olmalarına və Allahın qoyduğu hədləri aşmalarına görə idi”. Peyğəmbər ﷺ söykənmişdi, sonra qalxıb oturdu və sözünə davam edərək dedi: “Xeyr, canım əlində olan Allaha and olsun ki, siz, günahkarları haqqa dəvət etmədikcə nicat tapmayacaqsınız”. (ət-Tirmizi, 3047, 3322; Əhməd, 3713. Hədis zəifdir. Bax: Daif əl-Cami, 4773).
Əbu Davud Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İsrail oğullarının dində naqisliyə uğramalarına ilk səbəb bu olmuşdur ki, onlardan biri günah edən başqa biri ilə qarşılaşar və: “Ey filankəs, Allahdan qorx! Etdiyin bu günahı tərk et! Çünki bu, sənə halal deyil”– deyərdi. Ertəsi gün onlar yenidən qarşılaşar və günahkarın dünən etdiyi əməl onların birlikdə yeyib-içmələrinə və eyni məclisdə olmalarına mane olmazdı. Belə etdiklərinə görə Allah onların qəlblərini sərtləşdirdi. Sonra Peyğəmbər ﷺ Uca Allahın “İsrail oğullarından kafir olanlar, Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdi. Bu, onların asi olmalarına və Allahın qoyduğu hədləri aşmalarına görə idi” ayəsini “Lakin onların çoxu günahkardırlar” sözünə çatanadək oxudu və dedi: “Xeyr, Allaha and olsun ki, siz mütləq öz aranızda yaxşı işləri əmr edib, pis işlərdən çəkindirəcəksiniz və zülm edənin əlindən tutub onu zorla haqqa yönəldəcəksiniz”. Və ya “Onu haqq yoluna gəlməyə məcbur edəcəksiniz”. Hədisi ət-Tirmizi və İbn Məcə də bu şəkildə rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demişdir. Hədisi ət-Tirmizi və İbn Məcə Əbu Ubeydənin (Allah ondan razı olsun) sözü olaraq da rəvayət etmişlər. (Əhməd (3713); Əbu Davud (4336); ət-Tirmizi (4/74). (Əhməd Şakir). Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 5148).
Yaxşı işləri əmr edib, pis işlərdən çəkindirməyə təşviq edən hədislər olduqca çoxdur. Bu hədislərdən bəzilərini qeyd edək. Uca Allahın “Məgər din xadimləri və elm adamları onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etməli deyildilərmi?!” (“əl-Maidə”, 63) (“əl-Maidə” surəsinin 63-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). ayəsini təfsir edərkən Cərirdən (Allah ondan razı olsun) rəvayət edilən hədisi artıq qeyd etmişik. Qarşıda Uca Allahın “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz” (“əl-Maidə”, 105) ayəsinin təfsirində isə Əbu Bəkr əs-Siddiqin və Əbu Sələbə əl-Xuşəninin (Allah onlardan razı olsun) hədisləri gələcəkdir.
İmam Əhməd Huzeyfə ibn əl-Yəməndən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Canım əlində olan Allaha and olsun ki, ya yaxşı işləri əmr edib, pis işlərdən çəkindirəcəksiniz, ya da Allah Öz tərəfindən sizə cəza göndərəcək. Bundan sonra Ona dua etsəniz də, dualarınız qəbul olunmaz”. Bu hədisi ət-Tirmizi də rəvayət etmiş və “həsən” olduğunu bildirmişdir. (Əhməd (5/388-389 Hələbi nəşri). Hədisin isnadı səhihdir. Hədisin mənbələri “Ali-İmran” surəsinin 104–109-cu ayələrinin təfsirində göstərilmişdir. (Əhməd Şakir). Əhməd, 23349, 23690; ət-Tirmizi, 2169, 2323. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 5140).
“Səhih” əsərində Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Sizdən biriniz günah işləndiyini görsə, qoy onu əli ilə düzəltsin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (buna nifrət etsin), bu da imanın ən zəif dərəcəsidir (Hədisdə “bu da imanın ən zəif dərəcəsidir” deyildikdə, səmərəsi və savabı ən az olan iman nəzərdə tutulur. (Əhməd Şakir).”. (Muslim, 70, 186. Hədisin mənbələri “Ali-İmran” surəsinin 104–109-cu ayələrinin təfsirində göstərilmişdir. (Əhməd Şakir).
Əbu Davud əl-Urs ibn Amiradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Yer üzündə günah işləndiyi zaman bu günaha şahid olub, ona nifrət edən və ya ona etirazını bildirən, bu günaha şahid olmayan kəs kimidir. Günahdan uzaqda olub, ondan razı olan kəs isə o günaha şahid (ortaq) olan kəs kimidir”. Bu hədisi yalnız Əbu Davud həm Peyğəmbərdən ﷺ, həm də mursəl olaraq rəvayət etmişdir. (Əbu Davud (4345, 4346). Hədisin Peyğəmbərə ﷺ nisbət olunan isnadı səhihdir. (Əhməd Şakir). Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 5141).
Əbu Davud Əbul-Bəxtəridən rəvayət etmişdir ki, o, Peyğəmbərdən ﷺ hədis eşidən bir kəsin Peyğəmbərin ﷺ ona belə dediyini xəbər vermişdir: “İnsanlar aralarındakı günah sahiblərini (cəzadan azad etmək üçün) üzrlü saymayana qədər və ya günahları artmayana qədər həlak olmazlar (Burada “və ya günahları artmayana qədər həlak olmazlar” cümləsi hədisi rəvayət edənin şübhəsidir)". (Əbu Davud (4347). Hədisin isnadı səhihdir. Səhabənin məchul olması (şəxsiyyətinin bilinməməsi) hədisin səhihliyinə xələl gətirmir. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5146).
İbn Məcə Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ xütbə verərkən belə dedi: “Diqqət edin, sizdən biri insanlardan qorxub bildiyi haqqı deməkdən çəkinməsin”. Sonra Əbu Səid ağladı və dedi: “Allaha and olsun ki, biz bir çox şeyləri gördük, lakin deməyə qorxduq”. (İbn Məcə (4007); Əhməd (11701). Oxşar hədis eyni surənin 54-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 168).
Yenə Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Ən fəzilətli cihad zalım hökmdarın yanında deyilən haqq sözdür”. Hədisi Əbu Davud, ət-Tirmizi və İbn Məcə də rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Hədis bu şəklidə həsən-ğaribdir”. (İbn Məcə (4011); Əbu Davud (4344); ət-Tirmizi (3/210). Hədisi Atiyyə əl-Əufi Əbu Səiddən rəvayət etmişdir, lakin Atiyyə zəif ravidir. Hədisin mətni Əhmədin iki səhih isnadla (11160, 11609) Əbu Nadradan, o da Əbu Səiddən rəvayət etdiyi uzun hədisin bir hissəsidir. (Əhməd Şakir). Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 491).
İbn Məcə Əbu Uməmədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ həcc edərkən birinci Camaratı (Camarat – Həcc mərasimində Minada daş atılan sütuna deyilir). daşlayan zaman bir kişi ona yaxınlaşıb dedi: “Ey Allahın Elçisi, ən üstün cihad hansıdır?” Peyğəmbər ﷺ susdu. İkinci Camaratı daşladıqdan sonra kişi yenə gəldi və eyni sualı verdi, Peyğəmbər ﷺ yenə susdu. Peyğəmbər ﷺ Cəmərətul-Aqabəni (Burada Həcc mərasimində daş atılan sütunlardan ən böyüyü nəzərdə tutulur. Buna ərəbcə جَمَرَةُ الْعَقَبَة “Cəmərətul-Aqabə”deyilir). daşladıqdan sonra miniyinə minmək üçün ayağını üzəngiyə qoyduqda dedi: “O sualı soruşan haradadır?” Kişi: “Mənəm, ey Allahın Elçisi”– deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Zalım hökmdarın yanında deyilən haqq sözdür”. Bu hədisi yalnız İbn Məcə rəvayət etmişdir. (İbn Məcə (4012); Əhməd (5/251-256 Hələbi nəşri). Sonra İbn Kəsir 54-55-ci ayələrin təfsirində qeyd etdiyi iki hədisi: “Qiyamət günü Allah qulunu sorğu-sual edəcək, hətta ona belə buyuracaq: “Günah gördükdə onu inkar etməyə sənə nə mane oldu?” Allah qulun qəlbinə üzrxahlığını ilham edəcək və o deyəcək: “Ey Rəbbim! İnsanlardan qorxub ümidimi Sənə bağladım!” və “Möminə özünü alçaltmaq yaraşmaz” hədislərini burada təkrar qeyd etmişdir. Biz isə, sadəcə, bu hədislərə işarə etməklə kifayətləndik. (Əhməd Şakir). Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 2307).
İmam Əhməd Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Möminə özünü alçaltmaq yaraşmaz”. Ətrafdakılar soruşdular: “Mömin özünü necə alçalda bilər, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Səbir edə bilməyəcəyi bəlaları üzərinə götürməklə”. Hədisi ət-Tirmizi və İbn Məcə də rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demişdir. (Əhməd (5/405 Hələbi nəşri); İbn Məcə (4016). Hər iki isnad səhihdir. Həmin surənin 54–55-ci ayələrinin təfsirində İbn Kəsir bu hədisə işarə edərək hədisin “Səhih” əsərində rəvayət olunduğunu qeyd etmişdi. Biz bunun səhv olduğunu bildirdik. Burada isə İbn Kəsir hədisi doğru mənbəyə nisbət etmişdir. (Əhməd Şakir). Əhməd, 23444, 23491, 23837; ət-Tirmizi, 2254, 2420. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 613).
İbn Məcə Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşdular: “Bizim ümmətdə yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək nə zaman tərk olunacaq?” Peyğəmbər ﷺ dedi: “Sizdən əvvəlki ümmətlər arasında meydana gələnlər sizin aranızda da meydana gəldiyi zaman”. Biz soruşduq: “Ey Allahın Elçisi, bizdən əvvəlki ümmətlər arasında meydana gələn nədir?” O dedi: “Kiçikləriniz mülkə (hakimiyyətə) sahib olarsa, böyükləriniz arasında zinakarlıq, ən rəzilləriniz arasında isə elm meydana gələrsə”. Zeyd Peyğəmbərin ﷺ “...ən rəzilləriniz arasında isə elm meydana gələrsə” ifadəsinin mənasını “Elmə fasiqlərin (günahkarların) sahib olması” kimi açıqlamışdır”. Bu hədisi yalnız İbn Məcə rəvayət etmişdir. (İbn Məcə (4015); Əhməd (12975). Hədisin isnadı səhihdir. Hədisə açıqlama verən Zeyd, İmam Əhmədin şeyxi olan Zeyd ibn Yəhya ibn Ubeyd əl-Xuzəidir. O, həmçinin İbn Məcənin də şeyxidir. (Əhməd Şakir). Hədis zəifdir. Bax: Daif İbn Məcə, 870). Qarşıda Uca Allahın “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz” (“əl-Maidə”, 105) ayəsinin təfsirində Allahın izni ilə bu hədisi dəstəkləyən Əbu Sələbənin (Allah ondan razı olsun) hədisi gələcəkdir.
Uca Allah buyurur: “Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən”. Mucahid demişdir: “Burada münafiqlər nəzərdə tutulur”. “Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir!”, yəni möminləri tərk edib kafirlərlə dostluq etdikləri üçün qəlblərində yaranan nifaqa görə Allahın Qiyamət gününə qədər davam edəcək qəzəbinə layiq olmaları necə də pisdir! Uca Allah onları hansı səbəbdən məzəmmət etdiyini açıqlayaraq: “Buna görə də, Allah onlara qəzəblənmişdir”– buyurur. Sonra Uca Allah bildirir ki, “onlar əzab içində əbədi qalacaqlar”, yəni Qiyamət günü.
Uca Allah buyurur: “Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazdılar”, yəni, əgər onlar, həqiqətən, Allaha, Peyğəmbərə ﷺ və Qurana iman gətirmiş olsaydılar, gizlində kafirləri özlərinə dost tutub, möminlərə, Allaha, Peyğəmbərinə və ona nazil etdiyi Kitaba düşmənçilik etməzdilər. “Lakin onların çoxu günahkardırlar”, yəni onların çoxu Allaha və Onun Elçisinə ﷺ itaətdən boyun qaçıraraq Allahın vəhy etdiyi Quran ayələrinə qarşı çıxmışlar.
əl-Maidə, 82-86
لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ * وَإِذَا سَمِعُوا مَا أُنْزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ * وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ * فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاءُ الْمُحْسِنِينَ * وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ الْجَحِيمِ
82. İman gətirənlərə qarşı ən çox düşmənçilik edən insanların yəhudilər və müşriklər olduğunu görəcəksən. “Biz xaçpərəstik!” deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərmirlər.
83. Allahın Elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!
84. Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə Cənnətə daxil edəcəyinə ümid etdiyimiz halda, nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!”
85. Belə dediklərinə görə, Allah onlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər verdi. Yaxşı iş görənlərin mükafatı budur.
86. Kafir olub ayələrimizi yalan sayanlar cəhənnəmlikdirlər.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə Nəcaşi (Həbəşistan hökmdarı) və onun tərəfdarları barədə nazil olmuşdur. Cəfər ibn Əbu Talib Həbəşistanda onlara Quran oxuduqda onlar saqqalları islanana qədər ağladılar”. Lakin bu rəyə bir daha nəzər yetirmək lazımdır, çünki bu ayə Mədinədə nazil olan ayələrdəndir. Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) Nəcaşi ilə söhbəti isə hicrətdən əvvəl olmuşdur. İbn Cərir ət-Tabəri isə bu ayənin istər həbəş, istərsə də başqa millətdən olsun, bu xüsusiyyətlərə sahib olan qövmlər barədə nazil olduğunu bildirmişdir.
Uca Allah buyurur: “İman gətirənlərə qarşı ən çox düşmənçilik edən insanların yəhudilər və müşriklər olduğunu görəcəksən”. Çünki yəhudilərin kafir olmalarına səbəb inadkarlıq etmələri, haqqı danmaları və haqqa qarşı çıxmalarıdır. Habelə, insanlara xor baxıb elm əhlini alçaltmaları olmuşdur. Bir çox peyğəmbərləri məhz bu səbəbdən öldürmüşlər. Hətta Muhəmməd peyğəmbəri ﷺ də zəhərləməklə və ona sehr etməklə, bir neçə dəfə öldürməyə cəhd etmişlər. Öz bənzərləri olan müşrikləri Peyğəmbərin ﷺ üzərinə qaldırmışlar.
Uca Allah buyurur: “Biz xaçpərəstik!” deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən”, yəni özlərini Məsihin (ona salam olsun) davamçıları sanıb İncilin şəriəti ilə getdiklərini iddia edən xaçpərəstlərin ümumilikdə müsəlmanlara və İslama dost mövqedə olduğunu görərsən. Bunun səbəbi isə Məsihin dinindən qəlblərində yer alan şəfqət və mərhəmət hissləridir. Necə ki Uca Allah onlar barədə: “Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq” (“əl-Hədid”, 27) – buyurur. Xaçpərəstlərin kitabında belə yazılıb: “Səni sağ yanağından vurana sən sol yanağını çevir”. (Matta (3.39). Yəni pisliyə pisliklə deyil, yaxşılıqla qarşılıq ver. Bu mənada Quranda da bir çox ayələr var. Uca Allah buyurur: “O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər” (“ər-Rəd”, 22). Həmçinin buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar” (“Fussilət”, 34). Onların dinində döyüşmək icazəli deyil. Bu səbəbdən Uca Allah ayənin davamında “Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərmirlər” buyurur. Yəni onların arasında “keşişlər” – moizə deyənlər, alimlər və “rahiblər” – abidlər, zahidlər var.
Uca Allahın “Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərmirlər” sözü onlar arasında elmə, ibadətə və təvazökarlığa sahib kəslərin olduğunu göstərir. Sonra Uca Allah onların haqqa tabe olan, insaflı kəslər olduğunu bildirərək buyurur: “Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə”, yəni Muhəmmədin ﷺ peyğəmbər göndərilməsi barədə özlərində olan müjdəni bildiklərinə görə “onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!”, yəni bizi bu müjdənin doğruluğuna şahid olan və ona iman gətirənlərlə bir yerə yaz.
İbn Əbu Hatim, İbn Mərdəveyh və əl-Hakim rəvayət etmişlər ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!” ayəsi barədə belə demişdir: “Yəni Muhəmməd ﷺ və onun ümməti ilə bir yerə yaz, çünki onlar şahidlərdir. Onlar Peyğəmbərlərinin ﷺ dini təbliğ etdiyinə şahidlik etmişlər. Həmçinin bütün peyğəmbərlərin Allahın risalətini təbliğ etdiklərinə şahiddirlər”. əl-Hakim demişdir: “Bu hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/313). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 3222; ət-Tabərani “Mucəmul-Kəbir” 11567).
Uca Allah buyurur: “Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə Cənnətə daxil edəcəyinə ümid etdiyimiz halda, nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!” Bu növ xaçpərəstlər Uca Allahın bu ayəsində də zikr edilmişlər: “Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları var. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir” (“Ali-İmran”, 199). Onlar Uca Allahın barələrində belə buyurduğu kəslərdir: “Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcək. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər” (“əl-Qəsəs”, 52-55). Bu səbəbdən Uca Allah bu surədə onlar barədə belə buyurur: “Belə dediklərinə görə, Allah onlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər verdi”, yəni haqqı etiraf edib onu təsdiq etdiklərinə və ona iman gətirdiklərinə görə Allah onları altından çaylar axan Cənnətlərlə mükafatlandırdı. Onlar orada əbədi qalacaq, oradan başqa yerə getməyəcək və oranı heç vaxt tərk etməyəcəklər. “Yaxşı iş görənlərin mükafatı budur”, yəni harada və kiminlə olmaqdan asılı olmayaraq haqqa tabe olmağın mükafatı budur.
Sonra Uca Allah bədbəxt olanların halını bildirərək: “Kafir olub ayələrimizi yalan sayanlar cəhənnəmlikdirlər”– buyurur. Yəni ayələrimizi inkar edib ona qarşı çıxanların düşəcəkləri yer isə Cəhənnəmdir.
əl-Maidə, 87-88
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ مَا أَحَلَّ اللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ * وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ
87. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz.
88. Allahın sizə halal və təmiz olaraq verdiyi ruzilərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu ayə Peyğəmbərin ﷺ səhabələrindən ibarət olan bir dəstə barədə nazil olmuşdur. Həmin dəstə: “Biz özümüzü axtalayıb (Axtalamaq – erkəklik vəzilərini çıxarmaqdır). dünyada olan istəklərimizi tərk edərik və yer üzündə rahiblər kimi gəzib-dolaşarıq”– demişdi. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda xəbər göndərib onları yanına çağırdı və onlardan bu barədə soruşdu. Onlar: “Bəli, demişik”– dedilər. Peyğəmbər ﷺ (onların bu dediklərinə) belə cavab verdi: “Mən bəzən oruc tutur, bəzən tutmuram, gecənin bir hissəsini namaz qılır, bir hissəsini isə yatıram. Qadınlarla da evlənirəm. Odur ki, kim mənim sünnəmə (yoluma) sarılarsa, o, məndəndir. Kim mənim sünnəmi tərk edərsə, o, məndən deyil”. Bu hədisi İbn Əbu Hatim rəvayət etmişdir. Oxşar hədisi İbn Mərdəveyh də rəvayət etmişdir. (Oxşar hədisi ət-Tabəri (12346) də rəvayət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 6689; ət-Tabəri, 12399).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Bir dəfə üç nəfər Peyğəmbərin ﷺ evinə gəlib onun əhli-əyalından Peyğəmbərin ﷺ gizlində etdiyi ibadəti barədə soruşdu. Bu haqda onlara xəbər verildikdə (onlar etdikləri ibadətin az olduğunu güman etdilər və) onlardan biri dedi: “Mən heç vaxt ət yeməyəcəyəm”. O biri dedi: “Mən qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm”. Üçüncüsü dedi: “Mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam”. Peyğəmbər ﷺ bunu eşitdikdə dedi: “Bəzi insanlara nə olub ki, belə-belə deyirlər? Allaha and olsun ki, mən bəzən oruc tutur, bəzən də tutmuram, gecənin bir vaxtını namaz qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda, mənim yolumdan çıxan kimsələr məndən deyillər”. (əl-Buxari (9/89-90 Fəthul-Bari); Muslim (1/394); İbn Hibban “Səhih” əsəri (13). Hədis əlyazmada və kitabın çap olunmuş nüsxəsində Aişədən (Allah ondan razı olsun) rəvayət edilir. Bu isə İbn Kəsirin buraxdığı səhvdir. (Əhməd Şakir). Muslim, 2487, 3469; əl-Buxari, 4675, 5063).
İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir “Bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən ət yedikdə qadınlara qarşı ehtirasım artır. Buna görə də özümə ət yeməyi haram etdim”. Bu səbəbdən Uca Allahın: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin və həddi aşmayın” ayəsi nazil oldu”. Bu hədisi ət-Tirmizi və İbn Cərir də rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demişdir. Hədis mursəl olaraq da rəvayət edilmişdir. (ət-Tabəri (12350); ət-Tirmizi (4/97-98). (Əhməd Şakir). ət-Tirmizi, 3331; ət-Tabərani “Mucəmul-Kəbir” 11981; İbn Əbu Hatim “Təfsir” 6687. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3054).
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə döyüşlərdə iştirak edərkən yanımızda qadın olmurdu. Bir dəfə biz ona dedik: “Özümüzü axtalayaqmı?” O, bunu bizə qadağan etdi və bundan sonra qadına mehr olaraq paltar və ya başqa bir şey verib onunla müvəqqəti nikaha girməyə (Müvəqqəti nikah İslamın əvvəlində (qeyri-müsəlman qadınlarla) icazəli olsa da, sonradan Peyğəmbər ﷺ bunu haram etmişdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Xeybər günü Peyğəmbər ﷺ müvəqqəti nikahı və ev eşşəyinin ətini yeməyi haram buyurdu”. (əl-Buxari, 3894, 4216). Bu barədə ətraflı “ən-Nisa” surəsinin 24-cü ayəsinin təfsirində verilmişdir). rüsxət verdi. Sonra Abdullah bu ayəni oxudu: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Bax: “Fəthul-Bari” (9/101-103). (Əhməd Şakir). əl-Buxari, 4683, 5075; Muslim, 2493, 3476). Bu hökm müvəqqəti nikah haram olmazdan əvvəl idi. Ən doğrusunu isə Allah bilir.
əş-Şafii və bir çox alimlər bu hadisəyə əsaslanaraq bir kəsin qadından başqa (Çünki bir kişinin zövcəsini özünə haram etməsi “zihar” adlanır və bunun kəffarəsi var. Uca Allah buyurur: “Qadınlarını anaya bənzədib onları özlərinə haram edən, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu, sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. Buna imkan tapa bilməyən kəs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu, sizin Allaha və Onun Elçisinə iman gətirməyiniz üçündür. Bunlar Allahın qoyduğu hüdudlardır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir” (“əl-Mucadilə”, 4-5). özünə haram etdiyi yemək-içmək, geyim və buna bənzər nemətlərin ona haram olmadığını və bunun üçün kəffarə verilmədiyini demişlər. Çünki Uca Allah ayədə: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin”– buyurur. Həmçinin əvvəl keçən hədisdə olduğu kimi, Peyğəmbər ﷺ özünə ət yeməyi haram edən kişiyə kəffarə verməyi əmr etməmişdir. Aralarında Əhməd ibn Hənbəlin də yer aldığı bir qrup alimlər isə bir yeməyi və ya içkini və yaxud hər hansı bir şeyi özünə haram edən insanın üzərinə and kəffarəsinin vacib olduğunu demişlər. Bir şeyi tərk edəcəyinə dair and içənə andını qorumaq vacib olduğu kimi, bir şeyi özünə haram edən də buna görə məsuliyyət daşıyır və cəzalandırılır. Necə ki İbn Abbas (Allah ondan razı olsun) da belə fətva vermişdir. Həmçinin Uca Allah başqa bir ayədə belə buyurur: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?! Allah Bağışlayandır, Rəhmlidir” (“ət-Təhrim”, 1). Növbəti ayədə isə belə buyurur: “Allah andlarınızdan kəffarə verməklə, azad olmağı sizdən ötrü qanuniləşdirmişdir” (“ət-Təhrim”, 2). Burada da bu hökmü qeyd etdikdən sonra ardınca andın kəffarəsini açıqlayan ayəni gətirmişdir. Bu da onu göstərir ki bu məsələ, kəffarə tələb olunan məsələlərə aiddir. Ən doğrusunu isə Allah bilir.
İbn Cərir İbn Cureycdən, o da Mucahiddən rəvayət etmişdir ki, aralarında Osman ibn Məzun və Abdullah ibn Amrın (Allah ondan razı olsun) da olduğu bəzi kişilər özlərini axtalayıb rahib paltarı geymək və özlərini Allaha həsr etmək istədilər. Bu iki ayə onlara görə nazil oldu: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz. Allahın sizə halal və təmiz olaraq verdiyi ruzilərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!” İbn Cureyc İkrimədən rəvayət etmişdir ki, Osman ibn Məzun, Əli ibn Əbu Talib, Abdullah ibn Məsud, Miqdəd ibn Əsvəd, Əbu Huzeyfənin azad etdiyi köləsi Səlim və bir neçə səhabə özlərini Allaha həsr edərək evlərində oturdular. Onlar qadınlardan imtina edib rahib paltarı geyindilər, İsrail oğullarından səyyahların yedikləri və geyindikləri istisna olmaqla, gözəl yeməkləri və geyimləri özlərinə haram etdilər. Hətta özlərini axtalamaq da istədilər. Üstəlik gecələri namazda, gündüzləri isə oruclu halda keçirməyə qərar verdilər. Uca Allah da: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz” ayəsini nazil edərək: “Müsləmanların yolundan başqa bir yolla getməyin”– buyurdu. Uca Allah bununla onların özlərinə qadınları, yeməkləri və geyimləri haram edib gecələri namazda, gündüzləri isə oruclu halda keçirməyə qərar vermələrini, habelə özlərini axtalamaq istədiklərini qəsd edirdi. Onlar barədə bu ayələr nazil olduqda, Peyğəmbər ﷺ onları çağırtdırıb dedi: “Həqiqətən, nəfsinizin sizin üzərinizdə haqqı var, gözlərinizin də sizin üzərinizdə haqqı var. Elə isə bəzən oruc tutun, bəzən də tutmayın. Gecənin bir hissəsini yatın, bir hissəsini də namaz qılın! Bizim sünnəmizi (yolumuzu) tərk edən bizdən deyil”. Onlar bunu eşitdikdə dedilər: “Allahım, təslim olduq və Sənin nazil etdiyinə tabe olduq”. (ət-Tabəri (12348). (Əhməd Şakir). ət-Tabəri, 12401).
Bu hadisəni bir çox tabiin mursəl olaraq zikr etmişdir. Əvvəl qeyd etdiyimiz əl-Buxari və Muslimin “Səhih” əsərlərində möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədis bunu təsdiqləyir. Həmd və nemət Allaha məxsusdur.
Uca Allah buyurur: “...və həddi aşmayın”. Ola bilsin, ayədə bu nəzərdə tutulur: “Sizə halal olan şeyləri özünüzə haram etməklə, nəfsinizi sıxmaqda həddi aşmayın!” Necə ki sələf alimlərin bir qismi belə demişlər. Ola da bilsin, ayədə bu nəzərdə tutulur: “Sizə halal nemətləri haram etmək qadağan olunduğu kimi, halal nemətlərin istifadəsində də həddi aşmayın. Halal nemətlərdən yalnız sizə kifayət edəcək qədər və ehtiyaclarınızı ödəyəcək qədər götürün, bundan artıq götürməyin!” Necə ki Uca Allah buyurur: ”Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir” (“əl-Əraf”, 31). Başqa bir ayədə isə buyurur: “Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar” (“əl-Furqan”, 67). Allahın buyurduğu şəriət, bədxərcliklə xəsislik arasında orta mövqe tutmağı, ifrata varmamağı və səhlənkarlıq etməməyi əmr edir. Bu səbəbdən Uca Allah: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz”– buyurur.
Ardınca isə belə buyurur: “Allahın sizə halal və təmiz olaraq verdiyi ruzilərdən yeyin”, yəni halal və təmiz olarsa, onlardan yeyin, “və iman gətirmiş olduğunuz Allahdan qorxun!”, yəni bütün işlərinizdə Allahdan qorxun, Ona itaət edib rizasını qazanmağa can atın, Ona qarşı çıxıb əmrlərinə asi olmaqdan çəkinin.
əl-Maidə, 89
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُوا أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ
89. Allah boş yerə içdiyiniz andlara görə sizi hesaba çəkməz, lakin O, qəsdən içdiyiniz andlara görə sizi hesaba çəkəcəkdir. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on kasıbı yedirtmək, yaxud onları geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları tapmayan kəs isə üç gün oruc tutmalıdır. And içib, sonra onu pozduğunuz təqdirdə, andlarınızın kəffarəsi budur. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə, şükür edəsiniz.
“əl-Bəqərə” surəsində boş yerə içilən and barədə açıqlama vermişdik və bildirmişdik ki, boş yerə içilən and bir insanın danışarkən qəsdsiz “Vallahi, yox! Vallahi, belədir!” deməsidir. (“əl-Bəqərə” surəsinin 225-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Bəzi alimlər bunun zarafatyana içilən and, bəziləri isə günah işə görə içilən and olduğunu demişlər. Bəziləri isə bunun zənnə qapılaraq içilən and olduğunu demişlər. Əbu Hənifə və Əhməd ibn Hənbəlin rəyi budur. Həmçinin qəzəb anında və ya unudaraq içilən and olduğu da deyilmişdir. Bəzi alimlər isə boş yerə içilən andın yemək, içmək və geyim kimi şeylərin tərk edilməsinə görə içilən and olduğunu demişlər. Bu rəyi deyənlər Uca Allahın əvvəlki ayədə keçən: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz şeyləri haram etməyin” sözünə əsaslanmışlar.
Doğru olan budur ki, boş yerə içilən and qəsdsiz içilən anddır. Buna dəlil isə Uca Allahın ayənin davamında: “...lakin O, qəsdən içdiyiniz andlara görə sizi hesaba çəkəcəkdir” buyurmasıdır. Yəni, qəsdən, bilə-bilə içdiyiniz anda görə sizi cəzalandıracaq. “Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on kasıbı yedirtmək”, yəni kifayət qədər dolanışığı olmayan, ehtiyac sahibi olan on yoxsulu yedirtməkdir.
İbn Abbas, Səid ibn Cubeyr və İkrimə demişlər: “Ailənizə yedirtdiyinizin orta hesabı dəyərində...”, yəni ailənizə yedirtdiyiniz yeməyin orta miqdarında”. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bəziləri ailəsinə daha az, bəziləri isə daha çox yemək verirdilər. Buna görə də Uca Allah ayədə: “Ailənizə yedirtdiyinizin orta hesabı dəyərində”– buyurdu. Yəni ailənizə verdiyiniz çörək və yağdan yedirdin”. (İbn Əbu Hatim, 6722; ət-Tabəri, 12440, 12492). İbn Cərir Uca Allahın “Ailənizə yedirtdiyinizin orta hesabı dəyərində” ayəsində azlıqla çoxluğun orta miqdarının nəzərdə tutulduğunu demişdir.
Alimlər kasıblara yedirdilən yeməyin miqdarında ixtilaf etmişlər. İbn Əbu Hatim rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun) Uca Allahın: “Ailənizə yedirtdiyinizin orta hesabı dəyərində” ayəsini belə təfsir etmişdir: “Yəni, kasıblara səhər və axşam yeməyi yedirtməlisiniz”. əl-Həsən və Muhəmməd ibn Sirin demişlər: “On kasıba bir dəfə ət və çörək yedirtmək kifayətdir”. əl-Həsən bunu da əlavə etmişdir: “Əgər ət tapa bilməsə, çörək, yağ və süd yedirdə bilər. Əgər onu da tapa bilməsə, doyana qədər çörək, zeytun yağı və sirkə yedirdə bilər”. (ət-Tabəri, 12427-12429, 12479-12481). Bəzi alimlər isə demişlər: “On kasıbın hər birinə, yarım saa (saa – ölçü vahididir və dörd mudda bərabərdir) buğda, xurma və ya buna bənzər qida məhsulları verir”. Ömər, Əli, Aişə, Mucahid, əş-Şabi, Səid ibn Cubeyr və başqaları da belə demişlər. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Hər kasıba bir ovuc buğda və onunla yanaşı, yavanlığını verin”. Sonra İbn Əbu Hatim demişdir: “Abdullah ibn Ömər, Zeyd ibn Sabit, Səid ibn Museyyib, Mucahid və başqalarından da belə rəvayət edilmişdir”. (İbn Əbu Hatim, 6716). İmam əş-Şafii demişdir: “And kəffarəsində vacib olan, hər kasıba Peyğəmbərin ﷺ qoyduğu ölçü ilə bir mudd (bir mudd insanın iki ovucuna bərabərdir ki, bu da təqribən yeddi yüz qrama bərabərdir) qida məhsulu verməkdir”. əş-Şafii yavanlıq məsələsinə toxunmayıb və dəlil olaraq Peyğəmbərin ﷺ Ramazanda oruclu ikən zövcəsi ilə yaxınlıq etmiş kişiyə, hər kasıba bir mudd olmaqla, on beş saa miqdarında qidanı altmış kasıba yedirtməyi əmr etdiyini gətirmişdir. (Burada bu hədis nəzərdə tutulur: Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Birdən bir nəfər gəlib dedi: “Ey Allahın Elçisi, həlak oldum”. Peyğəmbər ﷺ soruşdu: “Nə olub sənə?” Dedi: “Ramazanda oruclu ikən zövcəmlə cinsi əlaqəyə girmişəm”. Peyğəmbər ﷺ soruşdu: “Kölə azad edə bilərsənmi?” O: “Xeyr!”– dedi. Peyğəmbər ﷺ soruşdu: “İki ay ardıcıl oruc tuta bilərsənmi?” O: “Xeyr!”– dedi. Peyğəmbər ﷺ soruşdu: “Altmış kasıbı yedirdə bilərsənmi?” O: “Xeyr!”– dedi. Bundan sonra Peyğəmbər ﷺ bir qədər susdu. Bu əsnada Peyğəmbərə ﷺ bir zənbil xurma gətirdilər. Peyğəmbər ﷺ soruşdu: “Sual verən adam haradadır?” Adam: “Mən buradayam”, – dedi. Peyğəmbər ﷺ zənbili ona tərəf uzadıb buyurdu: “Götür bunu, öz adından sədəqə ver!” Adam dedi: “Məndən də kasıb olanamı sədəqə verim, ey Allahın Elçisi? Allaha and olsun ki, Mədinənin bu iki daş-kəsəkli sahəsi arasında mənim ailəmdən daha kasıb ailə yoxdur”. Peyğəmbər ﷺ dişləri görünənədək güldü, sonra dedi: “Elə isə bunu ailənə yedirt!” (əl-Buxari, 1800, 1936).
Əhməd ibn Hənbəl isə belə demişdir: “And kəffarəsində vacib olan, bir mudd buğda və ya iki mudd digər məhsullardan verməkdir”. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “...yaxud onları geyindirmək”. əş-Şafii demişdir: “On kasıbın hər birinə köynək, şalvar, izar (göbəkdən aşağını örtən sarıq), əmmamə (baş geyimi) və s. bu kimi geyim adlanan şeylərdən birini verərsə, kifayətdir”. İmam Malik və Əhməd ibn Hənbəl isə demişlər: “On kasıbın hər birinə namaz qılması üçün kifayət edə biləcək geyim verməlidir. Kasıb adam, kişi olarsa, kişinin, qadın olarsa, qadının namaz qılması üçün kifayət edəcək bir paltar olmalıdır”. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “...yaxud da bir kölə azad etməkdir”. Əbu Hənifə bu ayənin mənasını ümumi götürərək demişdir: “Andını pozan, istər mömin olsun, istər kafir, hər hansı bir kölə azad etsə kifayətdir”. əş-Şafii və digərləri isə demişlər: “Azad olunan kölə mütləq mömin olmalıdır”. əş-Şafii bunu səhvən törədilən qətlin kəffarəsində azad edilən kölənin mömin olmasından götürmüşdür, çünki səbəbləri müxtəlif olsa da, kölə azad etmənin vacib olması baxımından hər ikisi (and və səhvən törədilən qətl) eynidir. Həmçinin İmam Malikin “Muvatta”, əş-Şafiinin “Musnəd” və Muslimin “Səhih” əsərlərində Muaviyə ibn Həkəm əs-Suləmidən (Allah ondan razı olsun) rəvayət olunan bu hədisə də əsaslanmışlar. Hədisdə Muaviyə (Allah ondan razı olsun) üzərinə bir kölə azad etməyin vacib olduğunu və bir zənci köləsi ilə Peyğəmbərin ﷺ yanına gələrək bu köləni azad etmək istədiyini bildirmişdir. Peyğəmbər ﷺ köləyə: “Allah haradadır?”– deyə soruşduqda kölə: “Göydə”, – deyə cavab verdi. Peyğəmbər ﷺ: “Mən kiməm?”– soruşduqda kölə: “Sən Allahın Elçisisən”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Onu azad et. O, mömindir”. Hədis qeyd olunan mənbələrdə uzun mətnlə rəvayət olunmuşdur. (“ən-Nisa” surəsinin 92-93-cü ayələrinin təfsirində bu hədisə işarə edilmişdir. (Əhməd Şakir).
And kəffarəsi bu üç şeydən (on kasıbı yedirtmək, geyindirmək və ya kölə azad etməkdən) ibarətdir. Alimlərin yekdil rəyinə görə, andını pozan kəs bunlardan hər hansı birini yerinə yetirsə, keçərlidir. Uca Allah ayədə ən asan olandan başlayaraq çətinə doğru getmişdir. Belə ki, on kasıbı yeməklə təmin etmək on kasıbı geyimlə təmin etməkdən daha asandır. On kasıbı geyimlə təmin etmək isə kölə azad etməkdən daha asandır. Beləcə, Uca Allah kəffarədə ən aşağıdan yuxarıya doğru qalxmışdır. Əgər mükəlləf olan şəxs bu üç şeydən heç birini verməyə qadir deyilsə, üç gün oruc tutaraq kəffarə verir. Necə ki Uca Allah buyurur: “Bunları tapmayan kəs isə üç gün oruc tutmalıdır”. İbn Cərir Səid ibn Cubeyr və əl-Həsən əl-Bəsrinin belə dediklərini rəvayət etmişdir: “Üç dirhəmi olan kəs on kasıbı yedirtməlidir, yoxdursa, oruc tutmalıdır”. Həmçinin İbn Cərir öz dövrünün fiqh alimlərindən belə nəql etmişdir: “Bir insanın dolanışığı üçün xərclədiyindən əlavə, kasıbı yedirdəcək bir şeyi olmazsa, onun oruc tutması icazəlidir. Yalnız dolanışığı üçün kifayət qədər malı olan və bundan əlavə, kəffarə ödəməyə pulu olan insan istisnadır”. Sonra İbn Cərir bu rəyə üstünlük vermişdir: “Özünün və ailəsinin birgünlük yeməyindən artıq pulu olmayan, yəni and kəffarəsini ödəməyə gücü çatmayan kəs oruc tutmalıdır”. (ət-Tabəri, 12494-12495, 12545-12546).
Alimlər and kəffarəsində orucun ardıcıl tutulmasının vacib və ya müstəhəb olmasında ixtilaf etmişlər. Bu məsələdə iki rəy var:
Birincisi: Orucu ardıcıl tutmaq vacib deyil. əş-Şafii bunu “And” kitabında bildirmişdir, Malik də bu rəydədir. Çünki ayədə ümumi olaraq “üç gün oruc tutmalıdır” bildirilir. Bu ifadə həm ardıcıl, həm də ayrı-ayrı tutulan orucu əhatə edir; Ramazan orucunun qəzasında olduğu kimi, həm ardıcıl, həm də ayrı-ayrı tutula bilər. Uca Allah Ramazan orucunun qəzası barədə belə buyurur: “Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar” (“əl-Bəqərə”, 184).
İkinci: Orucu ardıcıl tutmaq vacibdir. İmam əş-Şafii başqa bir yerdə – özünün “əl-Umm” adlı əsərində and kəffarəsini ardıcıl tutmağın vacib olduğunu bildirmişdir. Hənəfi və Hənbəli məzhəblərinin rəyi də budur. Çünki Ubey ibn Kəb və başqalarından rəvayət edilir ki, onlar bu ayəni “üç gün ardıcıl oruc tutmalıdır” şəklində oxumuşlar. Mucahid, əş-Şabi və Əbu İshaq da Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) bu qiraəti rəvayət etmişlər. əl-Aməş demişdir: “İbn Məsudun tələbələri ayəni bu şəkildə oxuyardılar”. Bu qiraət çoxsaylı yollarla nəql olunan ayə olmasa da, ən azı səhabənin təfsiridir və ya Peyğəmbərə ﷺ nisbət olunan hədis hökmündədir.
Uca Allah buyurur: “And içib, sonra onu pozduğunuz təqdirdə, andlarınızın kəffarəsi budur. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə, şükür edəsiniz”. İbn Cərir demişdir: “Yəni, pozduğunuz andı kəffarəsiz buraxmayın”. “Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə, şükür edəsiniz”, yəni şükür edəsiniz deyə, Allah ayələrini sizə belə açıqlayır.
əl-Maidə, 90-93
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ * إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ * وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ * لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا إِذَا مَا اتَّقَوْا وَآمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ثُمَّ اتَّقَوْا وَآمَنُوا ثُمَّ اتَّقَوْا وَأَحْسَنُوا وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
90. Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız.
91. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istər. Artıq bunlara son qoyacaqsınızmı?
92. Allaha itaət edin, Onun rəsuluna itaət edin və pis əməllərdən çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən ancaq açıq təbliğ etməkdir.
93. İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir.
Uca Allah bu ayələrdə mömin qullarını içki və qumardan çəkindirir. Rəvayət olunur ki, mömünlərin əmiri Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Şahmat da qumardan sayılır”. Əlinin sözünü İbn Əbu Hatim rəvayət etmişdir. (Hədisin isnadı bitişik deyil, çünki Muhəmməd ibn Əli ibn əl-Huseyn atasının babası Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Onlar arasında isə uzun zaman vardır. (Əhməd Şakir). İbn Əbu Hatim, 2054, 6071; İbn Əbu Şeybə, 26674). İbn Əbu Hatim Əta, Mucahid və Tavusun belə dediklərini rəvayət etmişdir: “Ayədə keçən الْمَيْسِرُ [əl-meysir] sözünə qumarın bütün növləri, hətta uşaqların oynadıqları qoz oyunları da daxildir”. Raşid ibn Sad və Damra ibn Həbib isə belə demişlər: “Hətta uşaqların oynadıqları qoz, aşıq-aşıq (Aşıq – heyvanın diz qapaqlarından çıxan oynaq sümüyünə deyilir. Qədimdə uşaqlar qoyun sümüyündən çıxarılan aşıqla müxtəlif oyunlar oynayardılar. Bu oyun “aşıq-aşıq” oyunu adlanırdı). və yumurta oyunları da qumardır”. (İbn Əbu Hatim, 6749; ət-Tabəri, 4107, 4132). Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Ayədə keçən الْمَيْسِرُ [əl-meysir] sözü qumar deməkdir”. (İbn Əbu Hatim, 2050, 6747). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ayədə keçən الْمَيْسِرُ [əl-meysir] sözü qumardır. Cahiliyyət dövründə İslam gələnə qədər ərəblər qumar oynayardılar. Uca Allah bu ayəni nazil etməklə, onları bu çirkin vərdişdən çəkindirdi”. (İbn Əbu Hatim, 6748). Səid ibn Museyyib demişdir: “Cahiliyyət dövründə bir və ya iki quzu muqabilində ət satmaq qumar adlanırdı”. (İbn Əbu Hatim, 6753). əl-Ərac demişdir: “Ayədə keçən الْمَيْسِرُ [əl-meysir] sözü mal və meyvələr üzərinə ox atıb qumar oynamaqdır”. (İbn Əbu Hatim, 2057, 6752). əl-Qasim ibn Muhəmməd demişdir: “Allahı zikr etməkdən və namazdan yayındıran hər şey qumardır”. (İbn Əbu Hatim, 6750; ət-Tabəri, 4120, 4145). Bütün bunları İbn Əbu Hatim rəvayət etmişdir. Muslimin “Səhih” əsərində Bureydə ibn Husayndan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Kim nərd oynayarsa, sanki əlini donuzun ətinə və qanına bulaşdırmışdır”. (Muslim, 2260, 4194, 6033). İmam Malikin “Muvatta”, İmam Əhmədin “Musnəd”, Əbu Davud və İbn Məcənin “Sunən” əsərlərində Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Kim nərd oynayarsa, artıq Allaha və Onun Elçisinə asi olmuşdur”. (Əbu Davud, 4940; İbn Məcə, 3762; Əhməd, 19539-19540, 19750-19751. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 2670). Bu hədis Əbu Musanın öz sözü olaraq da rəvayət edilmişdir. Ən doğrusunu isə Allah bilir.
Şahmata gəlincə, Abdullah ibn Ömər bu oyun barədə belə demişdir: “Şahmat oyunu nərddən daha şərdir”. (əl-Beyhəqi “Sunənul-Kubra” 20743, 20934, 20975, 21462). Daha əvvəl rəvayət etdiyimiz kimi, Əli (Allah ondan razı olsun) bu oyunun qumar olduğunu demişdir. İmam Malik, Əbu Hənifə və Əhməd ibn Hənbəl şahmatın haram olduğunu demişlər. əş-Şafii isə onun məkruh (“Məkruh” sözünün mənası “bəyənilməyən” deməkdir. Dində isə məkruh əməllər o əməllər sayılır ki, onları Allah üçün tərk edən savab qazanır, lakin edənə də günah yazılmır. “Haram” əməli isə Allah üçün tərk edən savab qazanır, edən isə günah qazanır). olduğunu demişdir.
Uca Allah buyurur: “...tapınmaq məqsədilə dik qoyulmuş daşlar...”. İbn Abbas, Mucahid, Əta və başqaları demişlər: “Bu, müşriklərin qurbanlarını yanında kəsdikləri daşlardır”.
“Fal oxları”– bəzi alimlər burada müşriklərin qismət axtarmaq məqsədilə istifadə etdikləri oxların nəzərdə tutulduğunu demişlər. Bunu İbn Əbu Hatim rəvayət etmişdir.
Uca Allah buyurur: “...şeytan əməlindən olan murdar şeylərdir”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni, bunlar Allahı qəzəbləndirən şeytan əməlləridir”. Səid ibn Cubeyr demişdir: “Yəni, bunlar günahdır”. Zeyd ibn Əsləm isə demişdir: “Yəni, şeytanın əməlindən olan şərdir”. “Bunlardan çəkinin”– buradakı əvəzlik murdar şeylərə aiddir. Yəni bu murdar şeylərdən çəkinin “ki, bəlkə, nicat tapasınız”. Bu ifadə murdar şeylərdən çəkinməyə təşviq edir.
Uca Allah buyurur: “Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istər. Artıq bunlara son qoyacaqsınızmı?” Bu ifadə isə bir təhdid və qorxutmadır.
Sərxoşedici içkilərin haram olması barədə varid olan hədislər
İmam Əhməd Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Sərxoşedici içki üç dəfə haram olmuşdur. Peyğəmbər ﷺ Mədinəyə gəldikdə, Mədinə sakinləri içki içir və qumar oynayırdılar. Onlar bu barədə Peyğəmbərdən ﷺ soruşduqda, Uca Allah: “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür” (“əl-Bəqərə”, 219) ayəsini sonuna qədər nazil etdi. İnsanlar dedilər: “Bu ayə ilə içki və qumar bizə haram edilmədi. Yalnız böyük bir günah olduğu bildirildi. Bundan sonra yenə içki içməyə davam etdilər. Nəhayət, günlərin birində mühacirlərdən bir kişi Məğrib namazında yoldaşlarına imam oldu və namaz qıldırdı. Namazda Quran ayələrini oxuyarkən qarışdırdı. Bu səbəbədən Uca Allah əvvəlkindən daha ağır bir hökm nazil edərək: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın!” (“ən-Nisa”, 43) – buyurdu. Bundan sonra insanlar yenə içki içməyə davam edirdilər, ayıldıqdan sonra isə gəlib namazlarını qılırdılar. Sonra bundan daha ağır bir ayə nazil oldu və Uca Allah: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız” (“əl-Maidə”, 90) – buyurdu. Bundan sonra insanlar: “Ey Rəbbimiz, çəkindik”, – dedilər”. Bir qrup insan Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, bəzi insanlar Allah yolunda öldürüldülər və ya öz yataqlarında öldülər. Onlar içki içər və qumardan qazandıqlarını yeyərdilər. Allah bunların şeytan əməlindən olan murdar şeylər olduğunu bildirdi. Onların halı necə olacaq?” Bu səbəbdən Uca Allah: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir” ayəsini nazil etdi. Peyğəmbər ﷺ dedi: “Əgər onlara da qadağan edilmiş olsaydı, sizin tərk etdiyiniz kimi, onlar da tərk edərdilər”. Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (8605). (Əhməd Şakir). Bəzi hədis alimləri isnadın zəif olduğunu demişlər. Şueyb əl-Arnavut isə hədisin “həsən li-ğeyrihi” olduğunu bildirmişdir).
İmam Əhməd rəvayət etmişdir ki, sərxoşedici içkiləri qadağan edən ayənin nazilolma ərəfəsində Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) dua edərək belə dedi: “Allahım, sərxoşedici içkinin hökmünü bizə açıq-aydın bəyan et!” Uca Allah da “əl-Bəqərə” surəsindəki bu ayəni nazil etdi: “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür” (“əl-Bəqərə”, 219). Öməri çağırdılar və bu ayəni ona oxudular. O, yenə də Allaha dua edərək dedi: “Allahım, sərxoşedici içkinin hökmünü bizə açıq-aydın bəyan et!” Sonra “ən-Nisa” surəsindəki bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın” (“ən-Nisa”, 43). Bundan sonra Allah Elçisinin ﷺ müəzzini azan verərkən: “Namaza tələsin!”– dedikdən sonra “Sərxoş olanlar namaza yaxın durmasınlar”– deyərək azan verərdi. Öməri çağırdılar və bu ayəni ona oxudular. O, yenə Allaha dua edib: “Allahım, sərxoşedici içkinin hökmünü bizə açıq-aydın bəyan et!”– dedikdə “əl-Maidə” surəsindəki ayə nazil oldu. Öməri çağırdılar və bu ayəni ona oxudular. Ayənin “Siz buna son qoyacaqsınızmı?” hissəsinə çatdıqda, Ömər: “Artıq son qoyduq!”– dedi”. Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi də hədisi bu şəkildə rəvayət etmişlər. ət-Tirmizi və Əli ibn əl-Mədini bu hədisi səhih saymışlar. (Əhməd (378). İsnadı səhihdir. Hədis “əl-Bəqərə” surəsinin 219-220-ci və “ən-Nisa” surəsinin 23-cü ayələrinin təfsirində keçmişdir. Həmçinin əl-Hakim (2/278) rəvayət etmiş və əl-Buxari və Muslimin şərtlərinə görə, səhih olduğunu bildirmişdir. əz-Zəhəbi onunla razılaşmışdır. ət-Tabəri hədisi beş isnadla rəvayət etmişdir (12512-12516). (Əhməd Şakir). Əbu Davud, 3672; ət-Tirmizi, 3049, 3325. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 3255).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunur ki, bir dəfə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ minbərində xütbə verərək belə demişdir: “Ey insanlar, bildiyiniz kimi, sərxoşedici içkilərin haram olması barədə ayə nazil olmuşdur. Sərxoşedici içkilər beş şeydən hazırlanır: üzümdən, xurmadan, baldan, buğdadan və arpadan. Bilin ki, ağlı başdan aparan hər bir şey sərxoşedici içkidir”. (əl-Buxari, 4253, 4619, 5153, 5581; Muslim, 5361, 7744). əl-Buxari Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Sərxoşedici içkilərin haram olması barədə ayə nazil olduqda Mədinədə beş növ içki vardı. Bu içkilərdən biri də üzümdən hazırlanırdı”. (Əhməd (5992). (Əhməd Şakir). əl-Buxari, 4250, 4616).
ət-Tayəlisi Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Şərab barədə üç ayə nazil olub. İlk nazil olan ayə budur: “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür” (“əl-Bəqərə”, 219). İnsanlara: “Şərab haram edildi”– deyildikdə, onlar: “Ey Allahın Elçisi, Allahın buyurduğu kimi, biz ondan mənfəət əldə edirik”– dedilər. Peyğəmbər ﷺ onlara heç nə demədi. Sonra bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın” (“ən-Nisa”, 43). İnsanlara: “Şərab haram edildi”– deyildikdə onlar: “Ey Allahın Elçisi, biz namaz vaxtı içmirik”, – dedilər. Peyğəmbər ﷺ yenə onlara heç nə demədi. Sonra bu ayə nazil oldu: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız”. Onda Peyğəmbər ﷺ: “Artıq içki haram edildi!”– dedi”. (ət-Tayəlisinin “Musnəd” əsəri (1957); ət-Tabəri (4143). (Əhməd Şakir). ət-Tayəlisi, 2069).
İmam Əhməd Abdur-Rahmən ibn Valənin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən İbn Abbasdan şərab satmağın hökmü barədə soruşdum. İbn Abbas belə cavab verdi: “Peyğəmbərin ﷺ Səqif və ya Əus qəbiləsindən bir dostu var idi. Məkkənin fəthi günü Peyğəmbər ﷺ onunla rastlaşdı. Kişi yanında olan bir tuluq şərabı Peyğəmbərə ﷺ hədiyyə etmək istədi. Peyğəmbər ﷺ ona dedi: “Ey filankəs, Allahın bunu haram etdiyini bilmirsənmi?” Kişi bunu eşitdikdə uşağına tərəf əyilib: “Al bunu, apar sat”, – dedi. Peyğəmbər: “Ey filankəs, ona nə buyurdun?”– deyə soruşdu. Kişi dedi: “Onu aparıb satmasını əmr etdim”. Peyğəmbər ﷺ dedi: “Onu içməyi haram edən Allah satışını da haram etmişdir”. Bundan sonra Peyğəmbər ﷺ əmr etdi və tuluqdakı şərabı səhraya boşaltdılar”. Bu hədisi Muslim və ən-Nəsəi də rəvayət etmişlər. (Əhməd (2041); “əl-Muntəqa” (4702). (Əhməd Şakir). Əhməd, 2190. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
Əbu Yəala əl-Məusili Şəhr ibn Həuşəbdən rəvayət etmişdir ki, Təmim əd-Dari (sərxoşedici içki haram olmazdan əvvəl) hər il Peyğəmbərə ﷺ bir qab şərab hədiyyə edərdi. Sərxoşedici içkilərin haram olması barədə ayə nazil olduqdan sonra Təmim yenə bir qab içki gətirmişdi. Peyğəmbər ﷺ içki dolu qabı gördükdə gülümsədi və dedi: “Sən getdikdən sonra o, haram edildi”. Təmim: “Ey Allahın Elçisi, elə isə onu aparım satım və pulundan faydalanım”– dedikdə Peyğəmbər ﷺ buyurdu: “Allah yəhudilərə lənət etsin. Onlara inək və qoyunun yağı haram edildikdə, onu əridib satdılar. Həqiqətən Allah, sərxoşedici içkini də, ondan əldə olunan qazancı da haram etmişdir”. Eyni hədisi İmam Əhməd Şəhr ibn Həuşəbdən, o da Abdur-Rahmən ibn Ğanmdan belə rəvayət etmişdir: “Təmim əd-Dari Peyğəmbərə ﷺ hər il bir qab içki hədiyyə edərdi. Təmim içki haram edildiyi il yenə bir qab içki gətirmişdi. Peyğəmbər ﷺ onu gördükdə gülümsədi və dedi: “Bunun haram olduğunu bilmirdin?” Təmim dedi: “Ey Allahın Eliçisi, bəlkə, onu aparım satım və pulundan faydalanım?” Peyğəmbər ﷺ dedi: “Allah yəhudilərə lənət etsin. Onlar özlərinə haram edilmiş inək və qoyun yağını götürüb əritdilər və onu satıb gəlirini yedilər. Həqiqətən, sərxoşedici içkilər haramdır. Ondan əldə olunan gəlir də haramdır (üç dəfə təkrar etdi)”. (Əhməd (4/227 Hələbi nəşri); (Əhməd Şakir). Əhməd, 17995, 18024. Hədisin “Təmim əd-Dari Peyğəmbərə ﷺ hər il bir qab içki hədiyyə edərdi” hissəsi münkərdir).
İmam Əhməd Nafi ibn Keysəndən rəvayət etmişdir ki, onun atası Peyğəmbərin ﷺ dövründə şərab ticarəti ilə məşğul olurdu. Bir gün Şamdan qayıtdıqda satmaq üçün özü ilə bir tuluq şərab gətirmişdi. Onu Peyğəmbərin ﷺ yanına gətirərərk: “Ey Allahın Elçisi, mən sənə gözəl bir şərab gətirmişəm”, – dedi. Peyğəmbər ﷺ dedi: “Ey Keysən, sən getdikdən sonra şərab haram edildi”. Keysən dedi: “Elə isə onu satım, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Həqiqətən, şərab haram edilmişdir. Ondan əldə olunan qazanc da haram edilmişdir”. Keysən bunu eşitdikdən sonra gedib tuluğun altından tutdu və şərabı yerə boşaltdı”. (Əhməd (4/335-336 Hələbi nəşri); əl-Buxari “əl-Kəbir” (4/1/233); əz-Zəvaid (4/77); İbn Həcər “əl-İsabə” (5/316). (Əhməd Şakir). Əhməd, 18960, 18980, 19168. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
İmam Əhməd Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əbu Talhanın evində Əbu Ubeydə ibn əl-Cərraha, Ubey ibn Kəbə, Suheyl ibn Beydaya və onlarla birlikdə daha bir neçə nəfərə şərab süzürdüm. Şərab yavaş-yavaş təsir etməyə başlamışdı ki, müsəlmanlardan bir nəfər gəlib dedi: “Şərabın haram edildiyindən xəbəriniz yoxdur?” Səhabələr bunu eşitdikdə tərəddüd etmədən, dərhal xəbər gətirənə tabe oldular və: “Soruşaq görək xəbər doğrudurmu?”– demədilər, əksinə: “Ey Ənəs, qabda qalanı yerə boşalt!”– dedilər. Allaha and olsun! Onlar bir daha içki içmədilər. O gün onların içdikləri şərab kal və yetişmiş xurmadan hazırlanmışdı”. Hədisi əl-Buxari və Muslim də “Səhih” əsərlərində rəvayət etmişlər. (Əhməd (12900). (Əhməd Şakir). Əhməd, 12869, 12892; əl-Buxari, 6712, 7253; Muslim, 3667, 5253).
Hədisin başqa bir rəvayətində Ənəs belə demişdir: “Sərxoşedici içki haram olduğu gün mən Əbu Talhanın evində bir neçə səhabəyə şərab süzürdüm. O gün səhabələrin içdikləri şərab kal və yetişmiş xurmalardan sıxılmışdı. Birdən bir carçının səsləndiyini eşitdik. Mənə: “Çölə çıx, gör nə olub?”– dedilər. Mən çıxdıqda carçı belə deyirdi: “Bilin ki, sərxoşedici içkilər artıq haram edildi”. Əbu Talha mənə dedi: “Get bunu boşalt!” Mən qalan şərabı aparıb boşaltdım. O gün Mədinənin yollarında şərab axırdı. Bəzi insanlar dedilər: “Filan-filan səhabələr qarınlarında içki olduğu halda öldülər, onların halı necə olacaq?” Uca Allah da onların bu sözünə görə: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir” ayəsini nazli etdi”. (əl-Buxari, 4254, 4620; Muslim, 3662, 5246).
İbn Cərir Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Əbu Talha, Əbu Ubeydə ibn əl-Cərrah, Əbu Ducənə, Muaz ibn Cəbəl və Suheyl ibn Beyda üçün şərab süzürdüm. Kal və yetişmiş xurmaların qarışığından sıxılmış şərabdan yenicə başları dönməyə başlamışdı ki, bir carçının: “Bilin ki, sərxoşedici içkilər haram edildi”– dediyini eşitdik. Bizim yanımıza nə bir kəs daxil oldu, nə də aramızdan bir kəs çıxdı. Dərhal içki olan tuluqları yerə boşaltdıq, içki səhənglərini sındırdıq. Bəzilərimiz dəstəmaz, bəzilərimiz qüsl aldıq. Ummu Suleymin (Ummu Suleym Ənəsin anasıdır. Bu hadisə Ənəs ibn Malikin evində baş vermişdir). ətirlərindən vurub məscidə getdik. Bu vaxt Peyğəmbər ﷺ bu ayələri oxuyurdu: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istər. Artıq bunlara son qoyacaqsınızmı?” Bir kişi dedi: “Ey Allahın Elçisi, bəs içki içərək ölənlərin halı necə olacaq?” Uca Allah da bu ayəni nazil etdi: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz”. Hədisi dinləyənlərdən biri Ənəsdən soruşdu: “Sən bu hədisi Peyğəmbərdən ﷺ özün eşitmisən?” Ənəs dedi: “Bəli, özüm eşitmişəm (və ya yalan danışmayan biri mənə xəbər verib). (Burada hədisi Ənəsdən rəvayət edən ravi şübhəyə düşmüşdür). Biz yalan danışmazdıq və yalan danışmağın nə olduğunu da bilməzdik”. (ət-Tabəri (12527). Hədisin isnadı səhihdir. (Əhməd Şakir).
İmam Əhməd Qeys ibn Sad ibn Ubadədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Xeyirxah və Uca Rəbbim mənə şərabı, nərd (Hədisdə الْكُوبَةُ [əl-ku:bə] sözü həmçinin zərb aləti və ya simli musiqi alətləri kimi də şərh olunmuşdur). və qinnin oyununu (Qinnin - saza oxşar tanbur aləti mənasında da şərh edilmişdir). (rumların qumar məqsədilə oynadıqları oyun) haram etmişdir. Həmçinin ğubeyradan (həbəşlərin qarğıdalıdan hazırladıqları şərab növü) çəkinin. Çünki o, dünyada olan şərabların üçdə birini təşkil edir”. (Əhməd (15547). Hədisin isnadı səhihdir. Hədisi həmçinin İbn Abdul-Həkim “Fəth Misr” (Misirin fəthi) əsərində (səh. 273) rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 15481, 15519, 15560. Şueyb əl-Arnavut insadının zəif olduğunu bildirmişdir). İmam Əhməd həmçinin Abdullah ibn Amrdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Mənim demədiyim bir şeyi mənim adımdan danışan qoy Cəhənnəmdə yerinin hazır olduğunu bilsin”. Abdullah ibn Amr dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Allah sərxoşedici içkiləri, qumarı, nərdi və həbəş şərabı olan ğubeyranı haram etdi. Ağlı başdan aparan hər bir şey haramdır”. Bu hədisi yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (6591, 6478). İsnadları səhihdir. (Əhməd Şakir). Şueyb əl-Arnavut səhih li-ğeyrihi olduğunu bildirmişdir).
İmam Əhməd İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Şərab on yöndən lənətlənmişdir. Şərabın özü, onu içən, süzən, satan, alan, sıxan, sıxdıran, daşıyan, sifariş verən və ondan əldə olunan qazancı yeyən lənətlənmişdir”. Hədisi Əbu Davud və İbn Məcə də rəvayət etmişlər. (İbn Məcə, 3380. Əbu Davud, 3657; Əhməd, 4787. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2777).
İmam Əhməd İbn Ömərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ xurma qurudulan yerə tərəf getdi. Mən də onunla birlikdə getdim. Mən Peyğəmbərin ﷺ sağ tərəfində gedirdim, bu vaxt Əbu Bəkrlə qarşılaşdım və ondan geriyə qaldım. Əbu Bəkr Peyğəmbərin ﷺ sağına, mən isə soluna keçdim. Sonra Ömərlə qarşılaşdıq. Mən yenə kənara çəkildim və Ömər Peyğəmbərin ﷺ soluna keçdi. Peyğəmbər ﷺ xurma qurudulan yerə çatdıqda orada içərisində şərab olan bir dəri tuluq gördü. Peyğəmbər ﷺ məni çağırdı və bir bıçaq istədi. Abdullah ibn Ömər dedi: “O günə qədər bıçağın nə olduğunu bilmirdim. Peyğəmbər ﷺ mənə bıçaqla dərini kəsməyi əmr etdi. Sonra belə dedi: “Şərabın özü, onu içən, süzən, satan, alan, daşıyan, sifariş verən, sıxan, sıxdıran və ondan əldə olunan qazancı yeyən lənətlənmişdir”. (Əhməd (5390). İsnadı səhihdir. Hədisi həmçinin İbn Abdul-Həkim “Fəth Misr” (Misirin fəthi) əsərində (səh. 273) və ət-Tabəri (4143) rəvayət etmişlər (Əhməd Şakir). Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 5/365. № 1529).
Sabit ibn Yəzid əl-Xəulənidən rəvayət olunur ki, onun şərab satan bir əmisi vardı. Əmisi şərabdan əldə etdiyi qazancdan sədəqə də verərdi. Sabit belə dedi: “Mən əmimi bu əməldən çəkindirsəm də, o, bundan imtina etmədi. Mədinəyə gəlib Abdullah ibn Abbasla qarşılaşdım, ondan şərab və ondan əldə edilən qazancın hökmünü soruşdum. Abdullah ibn Abbas dedi: “Şərab da, ondan əldə edilən qazanc da haramdır”. Sonra belə dedi: “Ey Muhəmməd ümməti! Əgər sizin Kitabınızdan sonra başqa bir müqəddəs kitab nazil olsaydı və sizin Peyğəmbərinizdən sonra başqa bir peyğəmbər göndərilsəydi, sizə və sizdən əvvəlkilərə nazil edilənlər onlara da nazil olardı. Bilin ki, sizə nazil olan hökm Qiyamət gününə qədər belə qalacaq və and olsun ki, bu, sizə ağır gəlir”. Sabit dedi: “Mən Mədinədə Abdullah ibn Ömərə rast gəldim və ondan şərabdan əldə olunan qazanc barədə soruşdum. O dedi: “Sənə sərxoşedici içkilər barədə bir hadisə danışacam. Bir dəfə Peyğəmbərlə ﷺ birlikdə məsciddə idim. Peyğəmbər ﷺ dizlərini qarınına doğru çəkərək oturmuşdu. Sonra başını qaldırıb dedi: “Kimin evində şərab varsa, onu bizə gətirsin”. Səhabələr evlərində olan şərabları gətirməyə başladılar. Kimisi: “Mənim evimdə bir kuzə var”, kimisi: “Məndə bir tuluq var”, kimisi də Allahın istədiyi qədər olduğunu deyirdi. Peyğəmbər ﷺ dedi: “Bu şərabları Bəqinin (Bəqi – ağac kötüklərinin olduğu əraziyə deyilir). filan-filan yerində bir yerə toplayın, sonra məni çağırın”. Onlar elə də etdilər və sonra Peyğəmbəri ﷺ çağırdılar. Peyğəmbər ﷺ yerindən qalxdı, mən də onunla birlikdə qalxdım. Mən onun sağ tərəfində idim və o, mənə söykənmiş halda gedirdik. Bu əsnada Əbu Bəkr gəlib bizə çatdı. Peyğəmbər ﷺ məni sol tərəfinə keçirdi, Əbu Bəkri isə sağ tərəfinə mənim yerimə qoydu. Sonra Ömər ibn əl-Xattab gəlib bizə çatdı. Peyğəmbər ﷺ məni arxaya ötürərək Öməri sol tərəfinə qoydu və ikisinin arasında getməyə başladı. Şərabların yığıldığı yerə çatdıqda dayandı və insanlara belə dedi: “Bunun nə olduğunu bilirsinizmi?” Ətrafdakılar: “Bəli, ey Allahın Elçisi! Bu, şərabdır”, – dedilər. Peyğəmbər ﷺ: “Doğru söyləyirsiniz”, – dedi və sözünə davam etdi: “Uca Allah şərabı, onu sıxanı, sıxdıranı, içəni, süzəni, daşıyanı, özü üçün daşıtdıranı, satanı, alanı və ondan əldə olunan qazancı yeyəni lənətləmişdir”. Sonra bir bıçaq gətizdirdi və: “Bunları parçalayıb boşaldın!”– dedi. Səhabələr elə də etdilər. Sonra Peyğəmbər ﷺ özü bir bıçaq götürərək şərab dolu tuluqları yırtmağa başladı. İnsanlar dedilər: “Bu dəri tuluqlardan faydalanmaq olar”. Peyğəmbər ﷺ dedi: “Bəli, bilirəm. Lakin mən Allah üçün qəzəbimdən belə edirəm, çünki bu şeydə Allahın qəzəbi var”. Ömər dedi: “Ey Allahın Elçisi, sənin yerinə mən edərəm”. Peyğəmbər ﷺ: “Xeyr”, – dedi”. (əl-Beyhəqi “Sunənul-Kubra” (8/287); əl-Hakim (4/144-145). əl-Hakim demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 17111, 17334, 17796; əl-Hakim, 7228. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 5/366-368).
əl-Beyhəqi İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Şərabın haram olmasına dair ayələr ənsarlardan olan iki qəbilə barəsində nazil olmuşdur. Bir gün onlar sərxoş olana qədər şərab içdilər və bir-birlərinə qarşı kobudluq etdilər. Ertəsi gün ayıldıqda onladan biri axşamkı kobudluğun əlamətini üzündə və saqqalında görüb dedi: “Bunu filankəs edib!” Əvvəllər onlar qardaş kimi mehriban idilər və qəlblərində bir-birlərinə qarşı nifrət və kin-küdurətləri yox idi. O dedi: “Allaha and olsun ki, əgər o, mənə qarşı rəhmli və şəfqətli olsaydı, belə etməzdi”. Beləliklə də, onların qəlblərində bir-birlərinə qarşı nifrət, kin-küdurət oyandı və Uca Allah da bu ayəni nazil etdi: ”Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istər. Artıq bunlara son qoyacaqsınızmı?” (“əl-Maidə”, 90-91). Səhabələrdən bəziləri dedilər: “Bu şərab iyrənc bir şeydir. Filankəs Bədr döyüşündə, filankəs isə Uhud döyüşündə mədəsində içki olduğu halda şəhid oldu”. Uca Allah da bu ayəni nazil etdi: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şey-lərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir” (“əl-Maidə”, 93)”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (ət-Tabəri, 12522, 12573; ən-Nəsəi “Sunənul-Kubra” 11086, 17789; əl-Hakim, 7219; əl-Beyhəqi “Sunənul-Kubra” 11151, 17104. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 16/31, № 3486).
İbn Cərir Bureydənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz, üç və ya dörd nəfər qumluq ərazidə oturub şərab içirdik. Yanımızda böyük bir səhəng vardı. O zaman şərab halal idi. Mən qalxıb Peyğəmbərin ﷺ yanına gəldim və ona salam verdim. Bu zaman şərabın haram olması barədə Uca Allahın: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir” ayəsi sonuna qədər nazil oldu. Mən bu ayəni dinlədikdən sonra yoldaşlarımın yanına gəldim və bu ayəni “Artıq bunlara son qoyacaqsınızmı?” cümləsinə qədər onlara oxudum. Yoldaşlarımdan bəzilərinin şərab dolu bardağı əlində idi. Bir hissəsini içmiş, bir hissəsi isə hələ bardaqda idi. Eynilə hicama (Hicama – müalicə məqsədilə baş, kürək və bədənin başqa nahiyələrindən qan almağa deyilir. Peyğəmbərin ﷺ dövründə qanı sormaq üçün buynuzşəkilli alətdən istifadə olunurdu və hicama edən bu alətin bir tərəfini ağzına qoyub qanı sovururdu). edənin etdiyi kimi, bardağı üst dodağının altına qoymuşdu. Yoldaşlarım ayəni eşitdikdə dərhal səhəngdə olan şərabı boşaltdılar və: “Ey Rəbbimiz, son qoyduq”– dedilər”. (ət-Tabəri (12523). Hədisin isnadı səhihdir. Hədisi həmçinin əl-Buxari müxtəsər olaraq “əl-Kəbir” (2/2/134) əsərində qeyd etmiş və hədisin səhihliyinə xələl gətirən heç bir şey deməmişdir. Bu da əl-Buxariyə görə, hədisin səhih olması deməkdir. (Əhməd Şakir). ət-Tabəri, 12574).
Əbu Davud ət-Tayəlisi əl-Bəra ibn Azibin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Sərxoşedici içkiləri qadağan edən ayə nazil olduqda insanlar: “Bəs qadağan edilməzdən əvvəl içənlərin halı necə olacaq?”– dedilər. Bu səbəbdən Uca Allahın: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz” ayəsi nazil oldu”. Mənaca oxşar hədisi ət-Tirmizi də rəvayət etmiş və “həsən-səhih” olduğunu demişdir. (ət-Tayəlisi, 715, 750; İbn Əbu Hatim, 6775; ət-Tirmizi, 3327. İsnadı səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3050-3051).
İmam Əhməd Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Əbu Talha Peyğəmbərdən ﷺ himayəsində olan və valideynlərindən şərab miras qalmış yetimlərin halı barədə soruşdu. Peyğəmbər ﷺ dedi: “Onu boşalt!” Əbu Talha soruşdu: “Onu sirkə edə bilərikmi?” Peyğəmbər ﷺ: “Xeyr”, – deyə cavab verdi”. Bu hədisi Muslim, Əbu Davud və ət-Tirmizi də rəvayət etmişlər. (Əhməd, 12189, 12210, 12213; Əbu Davud, 3675, 3677. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3649).
Abdullah ibn Vəhb Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Sərxoş olduğu üçün bir dəfə namazı tərk edən, dünya və onun üzərindəkilərə sahib olduğu halda, onu əlindən verən şəxsə bənzəyir. Sərxoşluq səbəbindən namazı dörd dəfə tərk edənə isə Xabəl palçığı içirtmək Allahın üzərinə haqq olar”. Səhabələr soruşdular: “Xabəl palçığı nədir?” Peyğəmbər ﷺ: “Cəhənnəm əhlinin axıntılarıdır”, – deyə cavab verdi”. Bu hədisi İmam Əhməd də rəvayət etmişdir.
Əbu Davud İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sərxoşedici hər şey şərabdır. Sərxoşluq verən hər şey haramdır. Kim sərxoşedici içki qəbul edərsə, qırx gün namazı qəbul olunmaz. Əgər tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Əgər dördüncü dəfə içərsə, ona Xabəl palçığından içirmək Allahın üzərinə haqq olar”. (Əhməd (6659); əl-Hakim (4/164). əl-Hakim hədisin səhih olduğunu demiş, əz-Zəhəbi isə bunun qəribə oldu-ğunu bildirmişdir. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 1699, 1903, 17801; əl-Hakim, 7233. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2385).Səhabələr: “Ey Allahın Elçisi, Xabəl palçığı nədir?”– soruşduqda Peyğəmbər ﷺ cavabında: “Cəhənnəm əhlinin irinidir. Həmçinin kim onu halal və haramı ayırd etməyən kiçik uşağa içirərsə, ona Xabəl palçığından içirmək Allahın üzərinə haqq olar”, – dedi. Bu hədisi yalnız Əbu Davud rəvayət etmişdir. (Əbu Davud (3680). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 17121, 17421, 17807. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2039).
İmam əş-Şafii demişdir: “Bizə Malik Nafidən, o da Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə demişdir: “Hər kim bu dünyada şərab içər və bu əməldən tövbə etməzsə, axirətdə (içənlərə ləzzət verən) şərabdan (Uca Allah buyurur: “Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır” (“Muhəmməd”, 15). məhrum olar”. Hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (Əhməd, 4916; əl-Buxari, 5147, 5575. Muslim, 2003, 3736, 5340).
Muslim İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Sərxoşedici hər şey şərabdır. Sərxoşluq verən hər şey haramdır. Kim içki içməyə davam edərək tövbə etmədən ölsə, axirətdə (içənlərə ləzzət verən) şərabdan içməz”. (Muslim, 3733, 5336).
İbn Vəhb Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Qiyamət günü üç sinif insan olacaq ki, Allah onların üzünə baxmayacaq: valideynlərinin üzünə ağ olan, içki düşkünü və verdiyini başa qaxan”. Bu hədisi ən-Nəsəi də rəvayət etmişdir. (ən-Nəsəi (1/357). Bu hədis “əl-Bəqərə” surəsinin 264-cü ayəsinin təfsirində keçmişdir. Hədisi həmçinin Əhməd (6180) rəvayət etmişdir. (Əhməd Şakir). İbn Hibban, 7340; ən-Nəsəi “Sunənul-Kubra” 2354. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 673–674).
Əhməd Əbu Səiddən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Verdiyini başa qaxan, valideynlərinin üzünə ağ olan və içki düşkünü (birbaşa) Cənnətə girməz”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (Əhməd (11240, 11418). Hər iki isnad səhihdir. Həmçinin əl-Beyhəqi (8/288) rəvayət etmişdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 5577, 5672, 5690, “Sunənul-Kubra” 4914. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 670).
Osman ibn Əffan (Allah ondan razı olsun) demişdir: “Sərxoşedici içkilərdən çəkinin! Çünki o, pisliklərin anasıdır. Həqiqətən, sizdən əvvəl yaşamış abid bir kişi insanlardan uzaqlaşaraq Allaha ibadət edirdi. Əxlaqsız bir qadın onu tövlamaq istədi və nökərini onun yanına göndərərək: “Biz bir məsələ ilə əlaqədar sənin şahid durmağını istəyirik”, – dedi. Abid kişi nökərlə birlikdə qadının evinə gəldi. O, hər qapını açıb içəri girdikcə nökər qapını arxasınca bağlayırdı. Nəhayət, gözəl bir qadının olduğu otağa girdi. Qadının yanında bir uşaq və bir səhəng şərab vardı. Qadın dedi: “Əslində, mən səni şahidlik üçün çağırmamışam. Mən səni bu üç şeydən birini seçmək üçün çağırmışam: ya mənimlə yaxınlıq etməlisən, ya bu uşağı öldürməlisən, ya da bu şərabdan içməlisən”. Abid kişi şərab içməyi yüngül sayıb onu seçdi. Qadın ona şərab süzdükcə o: “Yenə verin!”– dedi. Sonda sərxoş olub qadınla zina etdi və uşağı öldürdü. Odur ki, sərxoşedici içkidən çəkinin, çünki sərxoşluqla iman heç vaxt bir yerdə ola bilməz. Mütləq biri digərini uzaqlaşdırar”. Hədisi əl-Beyhəqi rəvayət etmişdir, isnadı səhihdir. (Sunənul-Kubra (8/287-288). Həmçinin ən-Nəsəi (2/331) iki səhih isnadla səhabədən rəvayət etmişdir. (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 5572, 5666, 5684; əl-Beyhəqi “Sunənul-Kubra” 17116, 17417, 17802. İrvaul-Ğalil, 8/232, № 2608). Bu hədisi Əbu Bəkr ibn Əbu Dünya “Zəmmul-Muskir” (İçkinin pislənməsi) əsərində Peyğəmbərə ﷺ isnad edərək rəvayət etmişdir, lakin səhabənin sözü olması daha doğrudur. Ən doğrusunu Allah bilir.
Bu hədisin əl-Buxari və Muslimin “Səhih” əsərlərində Peyğəmbərdən ﷺ rəvayət edilən təsdiqi var. Peyğəmbər ﷺ demişdir: “Zina edən adam zina etdiyi vaxt mömin sayıla bilməz. (Burada söhbət möminin imanının kamilliyindən gedir. Belə ki, mömin bəndə hər dəfə günah işlətdikdə imanı bir qədər azalır). Şərab içən adam şərab içdiyi vaxt mömin sayıla bilməz. Oğurluq edən adam oğurluq etdiyi vaxt mömin sayıla bilməz”. (əl-Buxari (5/86, 10/28-29, 12/50, 101 Fəthul-Bari); Muslim (1/31-32); Əhməd (7316) hər üçü Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. Oxşar hədisi həmçinin əl-Buxari (12/71-101 Fəthul-Bari) İbn Abbasdan rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 5150, 5578).
İmam Əhməd rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sərxoşedici içkilər haram edildikdə bəzi insanlar dedilər: “Ey Allahın Elçisi, bəs içki içərək ölən yoldaşlarımızın halı necə olacaq?” Bu səbəbdən Uca Allah: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz” ayəsini nazil etdi”. İbn Abbas dedi: “Qiblə dəyişərək Beytül-Məqdisdən Kəbəyə çevrildikdə bəzi insanlar dedilər: “Ey Allahın Elçisi, bəs Beytül-Məqdisə tərəf namaz qılıb ölmüş yoldaşlarımızın namazları necə olacaq?” Uca Allah da: “Allah sizin imanınızı puç etməz” (“əl-Bəqərə”, 143) ayəsini nazil etdi”. (Əhməd (2691). Hədisin isnadı səhihdir. “əl-Bəqərə” surəsinin 143-cü ayəsinin təfsirində Qiblənin dəyişdirilməsi ilə əlaqəli məsələdə bu hədisə işarə edilmişdir. (Əhməd Şakir). Şueyb əl-Arnavut səhih li-ğeyrihi olduğunu bildirmişdir).
İmam Əhməd rəvayət etmişdir ki, Əsma bint Yəzid (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kim şərab içərsə, Allah qırx gün ondan razı qalmaz. Əgər bu halda ölərsə, kafir kimi ölər. Əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər yenə içərsə, ona Xabəl palçığından içirmək Allahın üzərində haqq olar”. Əsma dedi: “Mən: “Ey Allahın Elçisi, Xabəl palçığı nədir?”– deyə soruşdum. Peyğəmbər ﷺ dedi: “Cəhənnəm əhlinin irinidir”. (Əhməd (6/460). (Əhməd Şakir). Əhməd, 27603, 27644, 28155. Hədis münkərdir. Bax: Daif ət-Tərğib vət-Tərhib, 1425).
əl-Maidə, 94-95
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَيَبْلُوَنَّكُمُ اللَّهُ بِشَيْءٍ مِنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللَّهُ مَنْ يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللَّهُ عَمَّا سَلَفَ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللَّهُ مِنْهُ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ
94. Ey iman gətirənlər! Allah sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla (onu qadağan etməklə) imtahan edər ki, kimin gizlində Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.
95. Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud, kəffarə olaraq kasıbları yedirtməli, ya da buna bərabər oruc tutmalıdır ki, əməlinin cəzasını dadsın. Allah olub-keçənləri bağışlamışdır. Kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam almağa qadirdir.
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Ey iman gətirənlər! Allah sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla (onu qadağan etməklə) imtahan edər” ayəsi barədə belə demişdir: “Bu, zəif və kiçik ovdur. Uca Allah qullarını ehramda ikən onunla imtahan edər. Hətta əllərini uzatsalar, onları tuta bilərdilər. Lakin Uca Allah onlara yaxınlaşmağı qadağan etmişdir”. (İbn Əbu Hatim, 6784; ət-Tabəri, 12542, 12593). Mucahid isə demişdir: “Uca Allah “əllərinizin... çata biləcəyi” dedikdə kiçik ovları və bala heyvanları, “nizələrinizin çata biləcəyi” dedikdə isə böyük ovları qəsd edir”.
Uca Allah buyurur: “...kimin gizlində Ondan qorxduğunu üzə çıxarsın”, yəni Uca Allah həm gizlində, həm də aşkarda Ona itaət edən qullarını üzə çıxarmaq üçün ehramda olanları ətraflarını bürüyən ovla (bu ovu qadağan etməklə) sınayar. Onlar bu ovu həm gizlində, həm də aşkarda əlləri ilə və ya nizələri ilə əldə edə bilərlər. Necə ki başqa bir ayədə belə buyurur: “Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda, qorxanlar üçün bağışlanma və böyük bir mükafat var” (“əl-Mulk”, 12).
Uca Allah buyurur: “Bundan sonra həddi aşan kimsə üçün isə...”, əs-Suddi və başqaları bu ayə barədə demişlər: “Yəni, kim bu bildirişdən və xəbərdarlıqdan sonra həddi aşarsa, ona “ağrılı-acılı bir əzab hazırlanmışdır”. Çünki o, həddi aşmaqla Allahın əmrinə və şəriətinə qarşı çıxmışdır.
Sonra Uca Allah buyurur: “Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin”. Bu ayədə Uca Allah ehramda olan halda ov öldürməyi haram edir. Eyni zamanda buna təşəbbüs göstərməyi də qadağan edir. Bu ayə məna baxımından yeyilən heyvanlara aiddir. əş-Şafiiyə görə, ehramda ikən quruda yaşayan və yeyilməyən heyvanların öldürülməsi icazəlidir. Əksər alimlərə görə isə ehramda ikən onların da (yeyilməyən heyvanların da) öldürülməsi haramdır. Bu heyvanlardan yalnız əl-Buxari və Muslimin “Səhih” əsərlərində möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilən bu hədisdə qeyd olunanlar istisnadır: “Beş növ ziyanverici heyvan var ki, bunları həm haram sayılmayan, həm də haram sayılan ərazidə öldürmək olar: qarğa, çalağan, əqrəb, siçan və quduz it”. (əl-Buxari (4/30-33, 6/253 Fəthul-Bari); Muslim (1/335). Muslimin rəvayəti belədir: “Beş növ heyvanı Haram ərazidə öldürmək olar”. İbn Ömərdən (Allah ondan razı olsun) gələn başqa bir rəvayətdə (1/334-335) belə deyilir: “Beş növ heyvanı Haram ərazidə və ehramda olarkən öldürmək olar”. (Əhməd Şakir). əl-Buxari, 1698, 1829; Muslim, 2069, 2919).
İmam Malik Nafidən, o da Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Beş növ heyvanı ehramda ikən öldürmək günah deyil. Bunlar: qarğa, çalağan, əqrəb, siçan və quduz itdir”. Bu hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Muvatta (səh. 356), əl-Buxari (4/29, 6-253 Fəthul-Bari); Muslim (1/335). (Əhməd Şakir). Malik, 426, 789, 1026; əl-Buxari, 1697, 1826-1828; Muslim, 2077, 2929). İmam Malik, Əhməd ibn Hənbəl və digər alimlər quduz itə canavar, şir və bəbir kimi yırtıcı heyvanları da aid etmişlər. Çünki bunlar zərər baxımından quduz itdən daha şiddətlidirlər. Ən doğrusunu isə Allah bilir. Sufyan ibn Uyeynə və Zeyd ibn Əsləm demişlər: “Quduz it dedikdə bütün yırtıcı heyvanlar nəzərdə tutulur”. Alimlər bildirmişlər ki, ehramda olan şəxs yuxarıda qeyd etdiyimiz heyvanlardan başqa, tülkü, kaftar və çöl pişiyi kimi heyvanları öldürərsə, buna görə fidyə verməlidir. İmam Malik demişdir: “Həmçinin hədisdə öldürülməsi icazəli olan beş heyvanın və onlara aid edilən yırtıcı heyvanların balaları da istisnadır”. əş-Şafii demişdir: “İhramda olan şəxsin əti yeyilməyən hər növ heyvanı öldürməsi icazəlidir. Fərq etməz, istər böyük olsun, istər kiçik”. əş-Şafii buna ümumi səbəb kimi, bu heyvanların ətinin yeyilmədiyini göstərmişdir. Əbu Hənifə isə belə demişdir: “İhramda olan yalnız quduz iti və canavarı öldürə bilər. Çünki canavar çöl itidir. Bundan başqa, öldürdüyü heyvanlara görə fidyə verməlidir. Yalnız, əgər bu ikisindən başqa, bir yırtıcı heyvan ona hücum edərsə, o da özünü müdafiə etmək üçün heyvanı öldürərsə, bu halda fidyə vermir”. əl-Əuzai və əl-Həsən ibn Salehin rəyi də belədir. Bəzi alimlər demişlər: “Hədisdə nəzərdə tutulan qarğa ala qarğadır, yəni qarınında və kürəyində ağ ləkəsi olan qarğa. Tam qara və ya tam ağ qarğa nəzərdə tutulmur”. Çünki ən-Nəsəi Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İhramda olan beş növ heyvanı öldürə bilər. Bunlar: ilan, siçan, çalağan, alaqarğa və quduz itdir”. (ən-Nəsəi (2/26); Muslim (1/334-335). (Əhməd Şakir). ən-Nəsəi “Sunən” 2780, 2842; “Sunənul-Kubra” 3798, 3812. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 2829). Əksər alimlərə görə isə, burada ümumi olaraq bütün qarğalar nəzərdə tutulur. (Burada İbn Kəsirə cavab olaraq deyilə bilər ki, ümumi dəlil xüsusi dəlilə qaytarılır. (Əhməd Şakir). Çünki əl-Buxari və Muslimin “Səhih” əsərlərində ümumi olaraq qeyd olunmuşdur. İmam Malik demişdir: “İhramda olan kəs qarğanı öldürə bilməz. Yalnız əgər ona hücum edər və onu narahat edərsə, öldürə bilər”. (İbn Kəsirin İmam Malikə isnad etdiyi bu sözü haradan nəql etdiyini tapa bilmədim. İmam Malikin “əl-Muvatta” əsərində dediyi fərqlidir. İmam Malik demişdir: “Zərərverici quşlara gəlincə, yalnız Peyğəmbərin ﷺ hədisdə qeyd etdiyi “alaqarğa və çalağan” istisna olmaqla, ehramda olanın digər quşları öldürməsi qadağandır“. (əl-Muvatta, səh. 357). (Əhməd Şakir).
Uca Allah buyurur: “Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir”. Əksər alimlərin qənaətinə görə, həm unudaraq, həm də qəsdən ovu öldürən, cəzanın vacib olması baxımından eyni hökmdədirlər. əz-Zuhri demişdir: “Quran ovu qəsdən öldürənə, hədislər isə unudaraq öldürənə kəffarənin vacibliyini bildirir”. Bu isə o deməkdir ki, Quran bilərəkdən ovu öldürənə cəzanın vacibliyini və bu əməli edənin günah qazandığını bildirir, çünki Uca Allah buyurur: “...əməlinin cəzasını dadsın. Allah olub-keçənləri bağışlamışdır. Kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar”. Hədislərdə isə Peyğəmbərin ﷺ və səhabələrin hökmünə əsasən səhvən ovu öldürənə də cəza tətbiq edilir. Eynilə Quranda qəsdən ovu öldürənə tətbiq edilən cəza kimi. Digər tərəfdən, ovu öldürmək tələf sayılır. Tələfin isə, istər qəsdən olsun, istər unudularaq, əvəzi ödənilməlidir. Amma qəsdən öldürən günah qazanır, səhvən öldürən isə günah qazanmır.
Uca Allah buyurur: “...kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir”. Bəzi qarilər bu ayəni söz birləşməsi kimi فَجَزَاءُ مِثْلِ [fəcəzə:u misli] şəklində oxumuşlar. Bəziləri isə فَجَزَاءٌ مِثْلُ [fəcəzə:un mislu] şəklində oxumuşlar. (Asim, Həmzə, əl-Kisəi, Yaqub və Xələfin qiraəti فَجَزَاءٌ مِثْلُ [fəcəzə:un mislu] şəklindədir. Digər qarilər isə ayəni ikinci qiraətlə oxumuşlar. Hər iki qiraət doğrudur. (Əhməd Şakir). Hər iki qiraət ehramda ikən ov öldürənin öldürdüyü heyvanın mislində əvəz ödəməsinin vacibliyinə dəlalət edir. Əgər öldürülən heyvanın mislində ev heyvanı varsa, bu zaman ovu öldürən həmin ev heyvanını əvəz ödəməlidir. Bu, İmam Malik, əş-Şafii, Əhməd və əksər alimlərin rəyidir. Əbu Hənifə isə buna müxalif çıxmışdır. O, öldürülən ovun, istər misli olsun, istər olmasın, dəyərini ödəməyin vacib olduğunu demişdir. Onun rəyinə görə, ovu öldürən insan ixtiyar sahibidir. İstəsə, o heyvanın dəyərini sədəqə kimi verər, istəsə, onun dəyərində bir qurban alıb kəsər. Tabeçilik baxımından isə səhabələrin öldürülən heyvanın mislində ev heyvanı ödəmək hökmü daha münasibdir. Səhabələr öldürülən dəvəquşuna görə bir dəvə, antilopa görə bir inək, ceyrana görə isə bir keçi qurban verilməsini hökm vermişlər.
Uca Allah buyurur: “Buna sizlərdən iki ədalətli kişi qərar verməli”, yəni öldürülən ovun ev heyvanlarından misli olduqda əvəzini, misli olmadıqda isə dəyərini ödəməyə iki ədalətli müsəlman kişi hökm verməlidir. Alimlər ovu öldürən kişinin iki hakimdən biri olub-olmaması məsələsində ixtilaf etmişlər. Bu məsələdə iki rəy var: birinci rəy: ovu öldürən kişi hakim ola bilməz, çünki o, verdiyi hökmdə öz xeyrinə qərar çıxarmaqda ittiham oluna bilər. Bu, İmam Malikin fikiridir. İkinci rəy: ovu öldürən kişi hakim ola bilər, çünki ayə ümumidir. Bu, əş-Şafii və Əhməd ibn Hənbəlin fikridir. Birinci rəyin sahibləri eyni adamın bir məsələdə həm hakim, həm də məhkum olmasının qeyri-mümkünlüyünə əsaslanmışlar.
İbn Əbu Hatim Məymun ibn Mihrandan rəvayət etmişdir ki, bir dəfə bir bədəvi ərəb Əbu Bəkrin yanına gələrək dedi: “Mən ehramda ikən bir ov öldürdüm. Mənim cəzam nədir?” Əbu Bəkr yanında oturan Ubey ibn Kəbdən soruşdu: “Onun söylədiyi məsələdə fikrin nədir?” Bədəvi buna etiraz edərək dedi: “Sən Peyğəmbərin ﷺ xəlifəsisən, mən sənin yanına gəlmişəm və səndən soruşaram, sən isə başqasından soruşursan”. Əbu Bəkr dedi: “Sənin etirazın nədir? Uca Allah: “...kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli”– buyurur. Odur ki, mən bu məsələdə yoldaşımla məsləhətləşirəm. Nə qərara gəlsək, onu da sənə əmr edərik”. (İbn Əbu Hatim, 6807). Bu rəvayətin isnadı yaxşıdır, lakin Məymun ilə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) arasında əlaqə kəsikliyi var. Burada Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) bədəvi ərəbin savadsız olduğunu görüb, hökmü ona şəfqətlə, mülayim bir tərzdə izah etdi, çünki savadsızlığın dərmanı öyrətməkdir. Etiraz edən adamın elmli olmasına gəlincə isə, bu barədə İbn Cərir Qabisa ibn Cabirdən bir hədis rəvayət etmişdir. Qabisa ibn Cabir demişdir: “Biz həcc ziyarətini yerinə yetirmək üçün yola çıxmışdıq. Sübh namazını qıldıqdan sonra miniklərimizi qarşımıza qatıb arxasınca söhbət edə-edə gedirdik. Səhər vaxtı bir ceyran ya sağımızdan, ya da solumuzdan bizə tərəf gəldi. Bizimlə olan yoldaşlarımızdan biri ona tərəf bir daş ataraq ceyranı qulağının dibindən vurdu və heyvan qanı axa-axa üzüstə yerə düşdü. Biz bu əməlin böyük bir günah olduğunu bildirdik və onu qınadıq. Məkkəyə çatdıqda onunla birlikdə Ömərin yanına gəldik və yoldaşımız hadisəni Ömərə danışdı. Ömərin yanında üzü gümüş kimi parıldayan bir kişi, yəni Abdur-Rahmən ibn Auf vardı. Ömər yanındakı yoldaşına tərəf dönüb onunla danışmağa başladı. Sonra üzünü kişiyə tutub soruşdu: “Sən o ceyranı bilərəkdən öldürdün, yoxsa səhvən?” Kişi: “Ona bilərəkdən daş atdım, lakin öldürmək istəmirdim”, – deyə cavab verdi. Ömər dedi: “Görürəm, sən qəsdlə səhvi birləşdirmisən. Get bir qoyun götür, onu kəs, sonra ətini sədəqə ver. Dərisini isə özünə saxla!” Qabisa dedi: “Ömərin yanından çıxdıqda yoldaşıma dedim: “Ey kişi, Allahın ayinlərinə hörmət et. Görürsən, möminlərin əmiri yoldaşından soruşmadan sənə necə fətva verəcəyini bilmədi. Sən get dəvəni qurban kəs. Ola bilsin, bu, sənin etdiyinin kəffarəsi olsun”. Qabisa dedi: “Mən “əl-Maidə” surəsindəki: “Buna sizlərdən iki ədalətli kişi qərar verməli” ayəsini xatırlamamışdım. Mənim bu sözüm Ömərə çatdıqda, o, yanımıza gəldi. Biz həmişə Öməri əlində qırmancla gəzən görərdik. O, yoldaşıma bir qırmanc vurub: “Haram ərazisində qan axıtdın və Allahın hökmünü pozdun?”– dedi. Sonra mənə tərəf döndü. Mən: “Ey möminlərin əmiri, mənə qarşı etməyə haqqın çatmayan bir şeyə görə bu gün sənə halallıq vermərəm”, – dedim. Ömər dedi: “Ey Qabisa ibn Cabir, görürəm gəncsən, köksün genişdir və bəlağətli dilə sahibsən. Bir gəncdə doqquz gözəl xislət və bir pis xislət ola bilər. Bu pis xisləti onun bütün gözəl xislətlərini korlayar. Odur ki, gənclərin etdiyi səhvlərdən çəkin!” (ət-Tabəri (12588). Hədisin isnadı səhihdir. Həmçinin əl-Beyhəqi (5/181) rəvayət etmişdir. Hədis əl-Hakimin “əl-Mustədrək” (3/310) əsərində də yer almışdır. əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. əz-Zəhəbi bununla razılaşmışdır. (Əhməd Şakir). İbn Əbu Hatim, 6804; ət-Tabəri, 12639; əl-Beyhəqi “Sunənul-Kubra” 9861, 10146).
İbn Cərir Tariqdən rəvayət etmişdir ki, bir dəfə Ərbəd ibn Abdullah ehramda ikən miniyi ilə bir varanı tapdaladı və öldürdü. O, Ömərin yanına gəlib onun barəsində hökm verməsini istədi. Ömər dedi: “Mənimlə birlikdə sən də hökm ver”. İkisi birlikdə süddən kəsilmiş bir çəpiş kəsməsinə hökm verdilər. Sonra Ömər: “Buna sizlərdən iki ədalətli kişi qərar verməli” ayəsini oxudu. (ət-Tabəri (12589); əş-Şafii “əl-Umm” əsəri (2/265); əl-Beyhəqi (5/182). Həmçinin əl-Hafiz İbn Həcər “əl-İsabə” əsərində (1/103–104) Ərbəd ibn Abdullah əl-Bəcəlinin (Allah ondan razı olsun) tərcümeyi-halında Abdur-Razzəqdən rəvayət etmiş və demişdir: “Hədisin isnadı səhihdir”. (Əhməd Şakir). ət-Tabəri, 12640). Bu hədis dəlalət edir ki, ovu öldürən adamın iki hakimdən biri olması icazəlidir. Necə ki əş-Şafii və Əhməd belə demişlər.
İslam alimləri ixtilaf etmişlər: ehramda olan adamın öldürdüyü heyvanın əvəzini müəyyən etmək üçün daha əvvəl səhabələrin bu məsələdə verdikləri hökmə baxmayaraq, yenidən iki ədalətli kişi tərəfindən hökm verilməlidir, yoxsa səhabələrin əvvəl verdikləri hökmlə kifayətlənmək olarmı? Bu məsələdə iki rəy var: əş-Şafii və Əhməd demişlər: “Bu məsələdə səhabələrin verdiyi hökmə tabe olunur. Əgər səhabələr bu məsələdə hökm vermişlərsə, iki ədalətli hakim onların bu məsələdə verdikləri hökmü təsdiqləməli və bu hökmdən kənara çıxmamalıdır. Səhabələrin hökm vermədiyi məsələlərdə isə iki ədalətli hakimin hökmünə müraciət edilir”. Malik və Əbu Hənifə isə demişlər: “Hər kəs üçün müstəqil hökm verilməlidir. İstər oxşar məsələdə səhabələrin hökmü olsun, istər olmasın. Çünki Uca Allah: “Buna sizlərdən iki ədalətli kişi qərar verməli”– deyə buyuraraq, mütləq şəkildə hökm verilməsini bildirmişdir.
Uca Allah buyurur: “...sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır”, yəni qurbanlıq heyvan Kəbəyə çatdırılıb orada kəsilməli və əti Haramın ərazisində yaşayan kasıblara paylanmalıdır. Bu məsələ alimlər arasında yekdil rəylə qəbul olunmuşdur.
Uca Allah buyurur: “Yaxud, kəffarə olaraq kasıbları yedirtməli, ya da buna bərabər oruc tutmalıdır ki,...”, yəni, əgər ehramda olan, öldürdüyü heyvanın mislində bir heyvan tapa bilməzsə və ya öldürülən ov bənzəri olmayan bir heyvan olarsa, kəffarə olaraq, ya kasıbları yedirtməli, ya da oruc tutmalıdır. Yaxud, desək ki, ov öldürənin əvəz ödəmək, yemək yedirtmək və ya oruc tutmaq kimi üç cəza növündən birini seçmək ixtiyarı var, bu halda o, ya öldürdüyü heyvanın əvəzini verməli, ya kəffarə olaraq kasıbları yedirtməli, ya da oruc tutmalıdır. Ov öldürənin üç cəza növündən birini seçmək ixtiyarına sahib olması rəyi Malik, Əbu Hənifə, Əbu Yusuf, Muhəmməd ibn Həsən, əş-Şafiinin iki rəyindən biri və Əhməd ibn Hənbəldən gələn məşhur rəyidir. Ayənin zahiri də buna dəlalət edir. Belə ki, ayədə keçən أَوْ [əu] “və ya”, “yaxud” bağlayıcısı seçim etmək mənasını verir. Digər bir rəyə görə isə bu bağlayıcı ardıcıllıq bildirir. Yəni, əvvəl öldürülən heyvanın dəyərini verməlidir. Bunun üçün öldürülən ov əvvəlcə qiymətləndirilir. Bu, İmam Malik, Əbu Hənifə və yoldaşları, Həmməd və İbrahimin rəyidir. əş-Şafii isə belə demişdir: “Öldürülən ovun mislində ev heyvanı varsa, həmin heyvan qiymətləndirilir, sonra bu dəyərdə yemək alınıb kasıblara sədəqə verilir. Hər kasıba bu yeməkdən bir mudd (iki ovuc) verilir”. Bu, əş-Şafii, Malik və Hicaz (Məkkə və Mədinə) alimlərinin rəyidir. İbn Cərir də bu rəyi seçmişdir.
Əbu Hənifə və yoldaşları demişlər: “Hər kasıba iki mudd yemək verilir”. Bu, Mucahidin rəyidir. İmam Əhməd isə demişdir: “Buğdadan bir mudd, digər məhsullardan isə iki mudd verilir”. Əgər bunu da tapa bilməzsə və ya bizim dediyimiz kimi, seçim etmək ixtiyarı varsa, hər kasıba verəcəyi yeməyin müqabilində bir gün oruc tutmalıdır. Alimlər yediriləcək yeməyin harada yediriləcəyi barədə də ixtilaf etmişlər. əş-Şafii demişdir: “Haram ərazisində yedirilməlidir”. Ətanın rəyi də budur. Malik isə demişdir: “Ovun öldürüldüyü ərazidə və ya ona ən yaxın yerdə yedirilməlidir”. Əbu Hənifə isə demişdir: “İstəsə Haram ərazisində yedirər, istəsə başqa bir yerdə”.
Uca Allah buyurur: “...əməlinin cəzasını dadsın”, yəni ona kəffarə ödəməyi vacib etdik ki, Allahın əmrinə qarşı çıxaraq işlətdiyi günahın cəzasını dadmış olsun. “Allah olub-keçənləri bağışlamışdır”, yəni müsəlman olub İslamı gözəl şəkildə yaşayanların, Allahın şəriətinə tabe olub, günah işlətməyənlərin cahiliyyət dövründə etdiklərini bağışlamışdır. “Kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar”, yəni İslamı qəbul etdikdən və İslamda bunun hökmünü bildikdən sonra bu əməli təkrarlasa, Allah ondan intiqam alacaqdır. “Allah qüdrətlidir, intiqam almağa qadirdir”. İbn Cureyc demişdir: “Ətadan soruşdum: “Uca Allahın “Allah olub-keçənləri bağışlamışdır” ayəsinin mənası nədir?” O: “Cahiliyyət dövründə etdiklərini bağışlamışdır deməkdir”, – dedi. Mən: “Bəs “Kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar” nə deməkdir?”– soruşdum. Əta dedi: “Kim İslamı qəbul etdikdən sonra bu əmələ qayıdarsa, Allah ondan intiqam alacaq və bununla belə onun üzərinə kəffarə vacib olar”. İbn Cureyc dedi: “Mən soruşdum: “Bir daha bu əmələ qayıdana bir cəza olduğunu bilirsənmi?” Əta: “Xeyr”, – dedi. Mən: “Səncə, imam o adamı cəzalandıra bilərmi?”– deyə soruşduqda o: “Xeyr, bu günah qul ilə Allah arasındadır, buna görə yalnız fidyə verməlidir”, – dedi”. Bu rəvayəti İbn Cərir nəql etmişdir. (ət-Tabəri (12636, 12637). (Əhməd Şakir).
Bəzi təfsir alimləri demişlər: “Bu ayənin mənası: “Allah kəffarə ilə ondan intiqam alacaq” deməkdir”. Bu, Səid ibn Cubeyr və Ətanın rəyidir. Həmçinin əksər sələf və onlardan sonra gələn xələf alimlərin qənaətinə görə, ehramda olan adam ovu nə vaxt öldürərsə, cəza ona vacib olar, fərq etməz, istər bu əməli birinci dəfə, istər ikinci dəfə, istərsə də üçüncü dəfə etsin. İstər səhvən olsun, istər bilərəkdən, nə qədər təkrarlasa, o qədər cəzalandırılar.
İbn Cərir rəvayət etmişdir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) bir ovu öldürdükdən sonra barəsində hökm verilən və yenidən bu əməli təkrarlayan adam haqqında belə demişdir: “Atrıq ona cəza tətbiq olunmur. Allah ondan intiqam alacaq”. (ət-Tabəri (12661). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Şureyh, Mucahid, Səid ibn Cubeyr və başqaları da belə demişlər.
İbn Cərir Uca Allahın: “Allah qüdrətlidir, intiqam almağa qadirdir” ayəsi barədə demişdir: “Uca Allah buyurur ki, O Öz səltənətində mütləq hakimiyyət sahibidir, qüdrətlidir. Heç kəs Ondan üstün ola bilməz. Allah kimdənsə intiqam almaq istəsə, heç kəs ona mane ola bilməz. Kimisə cəzalandırmaq istəsə, heç kəs onun qarşısını ala bilməz. Çünki bütün varlıqlar Onundur. O, əmr, izzət və güc sahibidir. “İntiqam almağa qadirdir”, yəni Ona asi olanları asiliklərinə görə cəzalandırmağa qadirdir”. (ət-Tabəri, 8/722, 10/56, 12666, 12717).
əl-Maidə, 96-99
أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ * جَعَلَ اللَّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلَائِدَ ذَلِكَ لِتَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ * اعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ * مَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
96. Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dəniz yeməkləri sizə halal edildi. İhramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
97. Allah Kəbəni – Beytül-Haramı, haram ayı, həcc qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Bu ona görədir ki, siz Allahın göylərdə və yerdə olanları bildiyini və Allahın hər şeyi bilən olduğunu anlayasınız.
98. Bilin ki, Allah şiddətli cəza verəndir, həmçinin Allah bağışlayandır, rəhmlidir.
99. Allah rəsulunun üzərinə düşən vəzifə ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
Abdullah ibn Abbas (Allah ondan razı olsun - bir rəvayətdə), Səid ibn əl-Museyyib, Səid ibn Cubeyr və başqaları Uca Allahın: “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dəniz yeməkləri sizə halal edildi” ayəsi barədə demişlər: ”Dəniz ovu” dedikdə, dənizdən tutulan təzə balıqlar, “dəniz yeməkəri” dedikdə isə duza qoyularaq, qurudulub saxlanılan balıqlar nəzərdə tutulur”. İbn Abbasdan (Allah ondan razı olsun) gələn məşhur rəvayətdə belə deyilir: ”Dəniz ovu” dedikdə sağ olaraq tutulan, “dəniz yeməkləri” dedikdə isə dənizin ölü olaraq sahilə çıxartdığı balıqlar nəzərdə tutulur”. Əbu Bəkr əs-Siddiq, Zeyd ibn Sabit, Abdullah ibn Ömər, Əbu Eyyub əl-Ənsari və başqalarından da bu rəvayət nəql edilmişdir. Əbu Bəkr (Allah ondan razı olsun) demişdir: “Dəniz yeməkləri dedikdə dənizdə olan hər şey nəzərdə tutulur”. Əbu Bəkrin dediyini İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. (ət-Tabəri (12684, 12685). Hədisin isnadında İkrimə ilə Əbu Bəkr (Allah ondan razı olsun) arasında əlaqə kəsikliyi var. (Əhməd Şakir). İbn Əbu Hatim, 6840; ət-Tabəri, 12695, 12735, 12746). Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: ”Dəniz yeməkləri” dənizin sahilə çıxartdığı balıqlardır”. Həmçinin demişdir: ”Dəniz yeməkləri” dənizin ölü olaraq sahilə atdığı balıqlardır”. Hər iki təfsiri İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (12689, 12690, 12692). (Əhməd Şakir). İbn Əbu Hatim, 6833; ət-Tabəri, 12739-12740).
İbn Cərir Nafidən rəvayət etmişdir ki, bir dəfə Abdur-Rahmən ibn Əbu Hureyra Abdullah ibn Ömərdən soruşdu: “Dəniz çox sayda ölü balığı sahilə atmışdır, onları yeyə bilərikmi?” Abdullah ibn Ömər əvvəlcə: “Yeməyin”, – dedi. Sonra evinə gəlib Quran kitabını götürdü və “əl-Maidə” surəsini oxumağa başladı. Uca Allahın: “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dəniz yeməkləri sizə halal edildi” ayəsinə çatdıqda dedi: “Get ona de ki, yeyə bilərlər. Çünki bunlar dəniz yeməkəridir”. (ət-Tabəri (12699, 12700, 12701, 21703). Hədisin isnadı səhihdir. Oxşar hədisi İmam Malik “əl-Muvatta” əsərində (səh. 494) Nafidən rəvayət etmişdir. əl-Beyhəqi (9/255) də hədisi Malikin vasitəsilə rəvayət etmişdir. (Əhməd Şakir). İbn Cəririn seçdiyi rəyə görə də, ayədə dəniz yeməkləri dedikdə dənizdə ölən dəniz heyvanları nəzərdə tutulur. İbn Cərir demişdir: “Bu barədə bir hədis varid olmuşdur, lakin bəziləri bu hədisi səhabənin sözü olaraq rəvayət etmişlər”. Sonra İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Uca Allahın: “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dəniz yeməkləri sizə halal edildi” ayəsi barədə belə buyurdu: ”Dəniz yeməkləri” dənizin ölü olaraq sahilə atdığı balıqlardır”. Sonra demişdir: “Bəzi alimlər bu hədisi Əbu Hureyranın (Allah ondan razı olsun) sözü olaraq rəvayət etmişlər”. Sonra o, Əbu Hureyradan (Allah ondan razı olsun) gələn rəvayəti qeyd etmişdir. (ət-Tabəri (12729) hədisi Peyğəmbərə ﷺ və (12730) Əbu Hureyraya (Allah ondan razı olsun) nisbət edərək rəvayət etmişdir. Hər iki hədisin isnadı səhihdir. Bu rəvayətlər bir-birlərini gücləndirir. (Əhməd Şakir). ət-Tabəri, 12780-12781).
Uca Allah buyurur: “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün”, yəni ey bu ayədə xitab olunanlar, sizə də, səfərdə olanlara da fayda və azuqə olaraq, dəniz heyvanlarını və dəniz yeməklərini halal etdik. İkrimə demişdir: “Ayədə “səfərdə olanlar” dedikdə, dəniz yolçuları nəzərdə tutulur”. Başqa alimlər isə demişlər: “Dəniz ovu dedikdə, dəniz sahilində yaşayanların ovladıqları təzə balıqlar, “dəniz yeməkləri” dedikdə isə dənizdə ölən və ya ovlanıb duza qoyularaq yolcular və dənizdən uzaqda yaşayanlar üçün azuqə olaraq hazırlanan yeməklər nəzərdə tutulur. Bənzər rəy Abdullah ibn Abbas, Mucahid, əs-Suddi və digərlərindən də nəql edilmişdir. Əksər alimlər bu ayəyə əsaslanaraq dənizdə ölən dəniz heyvanlarının halal olduğunu demişlər. Buna başqa bir dəlil İmam Malikin Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisdir. Cabir ibn Abdullah rəvayət etmişdir ki, “Bir dəfə Peyğəmbər ﷺ üç yüz nəfərdən ibarət qoşuna Əbu Ubeydə ibn Cərrahı başçı təyin edib onları dəniz sahilinə tərəf göndərdi. Biz Mədinədən yola düşdük və nəhayət, yolun bir hissəsini qət etdikdən sonra ərzağımız tükənməyə başladı. Əbu Ubeydənin əmri ilə qoşunun bütün ehtiyat ərzağı bir yerə toplandı və cəmi iki xurcun xurma yığıldı. Əbu Ubeydə hər gün bu xurmalardan bizə az-az verməyə başladı və iş o yerə gəlib çatdı ki, hər kəsə ancaq bir dənə xurma düşürdü”. Hədisi danışan ravi dedi: “Mən soruşdum: “Bir xurmanın sizə nə faydası olurdu ki?” Cabir dedi: “Artıq o da tükəndikdə biz onun yoxluğunu hiss etdik. Sonra biz gəlib dənizin sahilinə çatdıq və orada dağ boyda bir balıq gördük. Camaat on səkkiz gün o balıqdan yedi. Sonra Əbu Ubeydənin əmri ilə balığın qabırğalarından ikisini dikəltdilər. Sonra yenə onun əmri ilə ən hündürboy atlı bu qabırğaların altından keçdi və onun başı bu sümüklərə dəymədi”. Bu hədisi əl-Buxari və Muslim də rəvayət etmişlər. (əl-Buxari, 2303, 2483, 4012, 4360; Malik, 784, 1662, 1697). Hədis Cabirdən (Allah ondan razı olsun) başqa yollarla da rəvayət olunur.
Muslimin “Səhih” əsərində Cabirin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Nəhayət, biz dəniz sahilinə çatdıq. Sahildə böyük qum təpəsi kimi bir şey gördük. Yanına gəldikdə bunun Ənbər adlanan bir dəniz heyvanı olduğunu gördük. Əbu Ubeydə əvvəl: “Bu, leşdir”, – dedi. Sonra: “Xeyr, biz Allah Elçisinin elçiləriyik və Allah yolunda döyüşə çıxmışıq, məcburiyyət qarşısında qalmışıq, artıq ondan yeyin”, – dedi. Biz, üç yüz nəfər, orada bir ay qaldıq və bu balığın ətini yeməkdən kökəldik. Biz o canlının göz çuxurlarından küplərlə yağ çıxarırdıq. Bədənindən mal böyüklüyündə ət parçaları kəsirdik. Əbu Ubeydə aramızdan on üç kişi götürdü və onları bu canlının göz çuxurunun ortasında oturtdu. Onun qabırğalarından birini götürdü və dik qoydu. Sonra aramızda olan ən böyük dəvə onun altından keçdi. Biz onun ətini duzlu suda bişirərək azuqə etdik. Mədinəyə çatdıqda Peyğəmbərin ﷺ yanına gəlib bu barədə ona xəbər verdik. Peyğəmbər ﷺ dedi: “O, Allahın sizin üçün çıxardığı bir ruzidir. Sizdə onun ətindən bir şey qalıbsa, bizə də verin!” Cabir dedi: “Biz gətirdiyimiz ətdən Peyğəmbərə ﷺ göndərdik və o, ondan yedi”. (Muslim, 3576, 5109). Muslimin bəzi rəvayətlərində qeyd edilir ki, bu balığa rast gəldikdə Peyğəmbər ﷺ də onların yanında olub. Bəzi alimlər bu hadisənin başqa bir hadisə olduğunu bildirmişlər. Bəziləri isə eyni hadisə olduğunu, lakin səfərin əvvəlində Peyğəmbərin ﷺ də onlarla birlikdə olduğunu, sonra isə bir dəstəni Əbu Ubeydənin (Allah ondan razı olsun) başçılığı ilə göndərdiyini demişlər. Bu heyvanı da Əbu Ubeydə ilə birlikdə gedən dəstə görmüşdür. Ən doğrusunu isə Allah bilir. (əl-Muvatta (səh. 93 və 931); əl-Buxari (5/95 Fəthul-Bari); Muslim (2/110-111); Əhməd (14306, 14336, 14387, 14389, 15108). (Əhməd Şakir).
İmam Malik Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, biz dəniz səfərinə çıxır və özümüzlə az miqdarda su götürürük. Əgər onunla dəstəmaz alsaq, suyumuz tükənər və susayarıq, dəniz suyu ilə dəstəmaz ala bilərikmi?” Peyğəmbər ﷺ dedi: “Dəniz suyu təmiz, orada ölən balıqlar isə halaldır”. Bu hədisi İmam əş-Şafii, Əhməd İbn Hənbəl və dörd “Sunən” əsərinin müəllifləri rəvayət etmişlər. əl-Buxari, ət-Tirmizi, İbn Xuzeymə, İbn Hibban və digərləri bu hədisi səhih saymışlar. Bir çox səhabə oxşar hədisi Peyğəmbərdən ﷺ rəvayət etmişdir. (əl-Muvatta (səh. 222); Əhməd (7232, 7820). (Əhməd Şakir). Malik, 41; Əbu Davud, 83; ət-Tirmizi, 69; ən-Nəsəi “Sunən” 59; İbn Məcə, 332. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 480).
Bir çox alimlər bu ayəni dəlil gətirərək bütün dəniz canlılarının yeyildiyini demiş və bundan heç bir şeyi istisna etməmişlər. Daha əvvəl Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət etmişdik ki, ayədə “dəniz yeməkləri” deyildikdə, dənizdə olan hər şey nəzərdə tutulur. Bəzi alimlər bundan yalnız qurbağanı istisna etmişlər, digərlərini isə icazəli saymışlar. Necə ki İmam Əhməd, Əbu Davud və ən-Nəsəi Abdur-Rahmən ibn Osmandan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ qurbağanı öldürməyi qadağan etmişdir. (Əhməd (15822, 16137); ən-Nəsəi (2/202). Hədisin isnadları səhihdir. (Əhməd Şakir). Abd ibn Humeyd, 313; əd-Dərimi “Musnəd” 2019, 2041. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6971). Digər alimlər isə demişlər: “Dəniz ovlarından balıq yeyilir, qurbağa isə yeyilmir”. Balıq və qurbağadan başqa, canlıların yeyilib-yeyilməməsi barədə isə ixtilaf etmişlər. Alimlərin bir qismi digər heyvanların yeyildiyini, bir qismi isə yeyilmədiyini demişlər.
Bəzi alimlər isə demişlər: “Quruda yeyilən heyvanların dənizdəki bənzəri də yeyilir, quruda yeyilməyən heyvanların dənizdəki bənzəri də yeyilmir”. Bütün bu rəylər əş-Şafii məzhəbinin müxtəlif rəyləridir.
Əbu Hənifə isə demişdir: “Quruda ölən heyvanların leşləri yeyilmədiyi kimi, dənizdə ölənlər də yeyilməz. Çünki Uca Allahın: “Sizə leş, ...haram edildi” (“əl-Maidə”, 3) ayəsi ümumidir. Əksər alimlər, o cümlədən İmam Malik, əş-Şafii və Əhməd ibn Hənbəlin yoldaşları əvvəl keçən “Ənbər balığı” hədisinə və Peyğəmbərin ﷺ “Dəniz suyu təmiz, orada ölən balıqlar isə halaldır” sözünə əsaslanaraq bu rəyə qarşı çıxmışlar. İmam əş-Şafii Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “İki növ ölü və iki növ qan bizə halal edilmişdir. İki növ ölü – balıq və çəyirtkə ölüsüdür. İki növ qan isə qaraciyər və dalaqdır”. (Əhməd, 5723; Şafii, 1596; Hədis səhihdir. Bax: Səhih əl-Cami, 210; Mişkətul-Məsabih, 4232). Bu hədisi Əhməd, İbn Məcə, əd-Dəraqutni və əl-Beyhəqi rəvayət etmişlər. Hədis səhabələrin sözü olaraq da rəvayət edilir. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Ehramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi”, yəni ehramlı ikən quruda ov ovlamaq sizə haramdır. Bu ayə ehramda ikən ov ovlamağın haram olduğuna dəlalət edir. İhramda olan kəs bilərəkdən ov edərsə, günah qazanmış olar və cəza olaraq əvəzini ödəməlidir. Əgər səhvən ovu öldürərsə, əvəzini ödəməlidir və bu ovdan yeməsi ona haramdır. Çünki bu ov onun üçün leş kimidir. İmam Malikin və əş-Şafiinin iki rəyindən birinə görə, digər ehramda olanlara və (müəyyən həcc əhkamlarını yerinə yetirməklə) ehramdan çıxanlara da bu ovdan yemək haramdır. Əta, əl-Qasim, Səlim, Əbu Yusuf, Muhəmməd və digərləri də belə demişlər. Əgər ehramda olan ovun hamısını və ya bir hissəsini yeyərsə, yediyi üçün ikinci dəfə cəza olaraq əvəz verməlidirmi? Bu məsələdə alimlər arasında iki rəy var. Birinci rəyə görə, əvəzini verməlidir. Əta demişdir: “Əgər ehramda olan ovunu kəsib ondan yeyərsə, iki kəffarə verməlidir”. Bir qrup alimlər də bu qənaətdədirlər. İkinci rəyə görə isə yediyi üçün kəffarə vermir. Bu, Malik ibn Ənəsin qənaətidir. Əbu Ömər ibn Abdul-Bərr demişdir: “Əksər alimlərin və fəqihlərin məzhəbi də budur”. Sonra Əbu Ömər bu məsələni əsaslandırararq demişdir: “Necə ki bir insan cəza tətbiq olunmazdan əvvəl dəfələrlə zina edərsə, ona yalnız bir dəfə cəza tətbiq olunar”. Əbu Hənifə isə demişdir: “Yediyinin dəyərini ödəməlidir”.
İhramda olmayan bir adamın ov ovlayıb ehramda olana hədiyyə etməsini bəzi alimlər ehramda olan üçün ümumi şəkildə halal olduğunu demişlər. Ovu özü üçün, yoxsa ehramda olan üçün ovlamasının təfsilatına varmamışlar. Əbu Ömər ibn Abdul-Bərr bu rəyi Ömər ibn əl-Xattab, Əbu Hureyra, Zubeyr ibn əl-Əvvam, Səid ibn Cubeyr və başqalarından nəql etmişdir. Kufə alimləri də bu rəydədirlər. İbn Cərir rəvayət etmişdir ki, Əbu Hureyradan (Allah ondan razı olsun) ehramda olmayan adamın ovladığı ov ətinin ehramda olan adama halal olub-olmadığını soruşdular. O da halal olduğuna dair fətva verdi. Sonra Ömər ibn əl-Xattabla rastlaşmış və ona bu barədə bildirmişdir. Ömər də ona demişdir: “Əgər onlara başqa bir fətva versəydin, başını əzərdim”. (ət-Tabəri (12754, 12756, 12757, 12760, 12762). (Əhməd Şakir).
Bəzi alimlər isə ehramda olan adamın heç bir halda ov əti yeməsinin icazəli olmadığını demiş və ayənin ümumi mənasına əsaslanaraq ehramda olan adama mütləq şəkildə ov əti yeməsini qadağan etmişlər. Abdur-Razzəq rəvayət etmişdir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) başqası tərəfindən ovlanmış heyvanın ətindən ehramda olan adamın yeməsini bəyənməmiş və: “Bu məsələ şübhəlidir”– demişdir. (Abdur-Razzəq, 8330, 10813). Bununla o, Uca Allahın: “Ehramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi” ayəsini nəzərdə tutmuşdur. Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, o, hər bir halda ehramlı adamın ov əti yeməsini qadağan etmişdir. (İbn Abdul-Bərin İbn Abbas və İbn Ömərdən (Allah onlardan razı olsun) etdiyi rəvayətlər səhihdir. (Əhməd Şakir). Abdur-Razzəq, 8314). İbn Abdul-Bərr demişdir: “Tavus və Cabir ibn Zeyd də belə demişlər. əs-Səuri də bu rəyi seçmişdir. Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) də bu qənaətdə olduğu rəvayət olunur. İbn Cərir Səid ibn əl-Museyyibdən rəvayət etmişdir ki, Əli hər bir halda ehramda olan adamın ov əti yeməsini qadağan etmişdir”. (ət-Tabəri (12744). (Əhməd Şakir). ət-Tabəri, 12795).
İmam Malik, əş-Şafii, Əhməd ibn Hənbəl və əksər alimlər demişlər: “Əgər ehramda olmayan adam ovu ehramda olan adama vermək niyyəti ilə ovlayarsa, ehramda olan adamın həmin ov ətindən yeməsi icazəli deyil. Çünki hədisdə rəvayət edilir ki, Peyğəmbər ﷺ Əbvada və ya Vəddanda (Əbva Mədinənin cənub-qərbində, Məkkə yolunun üstündə yerləşən şəhərdir. Vəddan isə Əbva yaxınlığında bir yerdir). olarkən Sab ibn Cəssamə ona çöl eşşəyinin ətini hədiyyə etdi. Peyğəmbər ﷺ bu hədiyyəni onun özünə qaytardı. Bu zaman onun üzündə kədər hissi yarandı. Peyğəmbər ﷺ bunu gördükdə dedi: “Biz onu sənə ancaq ehramda olduğumuza görə qaytardıq”. Bu hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində müxtəlif mətnlərlə rəvayət edilmişdir. (Muslim (1/332-333). (Əhməd Şakir). əl-Buxari, 1696, 1825, 2385, 2573; Muslim, 2059, 2902). Alimlər hədisi bu şəkildə izah etmişlər: Peyğəmbər ﷺ bu çöl eşşəyinin onun üçün ovlanıldığını zənn etmiş və bu səbəblə qaytarmışdır. Əgər ehramda olmayan adam ovu ehramda olan adama vermək niyyəti ilə ovlamazsa, ehramda olan adamın bu ovdan yeməsi icazəlidir. Buna dəlil isə Əbu Qatədədən (Allah ondan razı olsun) rəvayət olunan bu hədisdir. Rəvayət olunur ki, Əbu Qatədə ehramda olmadığı halda bir çöl eşşəyi ovladı. Onun yoldaşları isə ehramda idilər və onlar bu əti yeməkdən ehtiyat elədilər. Sonra Peyğəmbərdən ﷺ bu barədə soruşduqda, Peyğəmbər ﷺ: “Sizdən kimsə ona ovu işarə etdimi və ya ovu öldürməkdə ona kömək etdimi?”– deyə soruşdu. Səhabələr: “Xeyr”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ: “Elə isə ondan yeyin”, – dedi və özü də ondan yedi”. Bu hədis də əl-Buxari və Muslimin “Səhih” əsərlərində fərqli mətnlərlə rəvayət olunmuşdur. (Muslim (1/333-334). (Əhməd Şakir). əl-Buxari, 1695, 1824; Muslim, 2065, 2912).
İmam Əhməd Muttalib ibn Abdullahdan, o da Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət edir: “İhramda olarkən quru ovu o halda sizə halaldır ki, onu siz ovlamış olmayasınız və ya sizin üçün ovlanlmış olmasın”. Hədisi Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər, lakin ət-Tirmizi demişdir: “Muttalibin Cabirdən hədis eşitdiyini bilmirik”. əş-Şafii bu hədisi Amr vasitəsilə Cabirdən (Allah ondan razı olsun) rəvayət etmiş və demişdir: “Bu mövzuda ən gözəl və ən çox müqayisə edilən hədis budur”. (Əhməd (14951); əl-Hakim (1/452, 476). əl-Hakim hədisin, əl-Buxari və Muslimin şərtlərinə görə, səhih olduğunu bildirmişdir, əz-Zəhəbi bununla razılaşmışdır. Həmçinin əl-Beyhəqi (5/190) bir neçə isnadla rəvayət etmişdir. ət-Tirmizinin hədisin səhihliyinə tən etməsinə gəlincə, bu, belə deyil. Çünki hədisin ravilərindən biri olan əl-Muttalib ibn Abdullah ibn Həntab adlı iki ravi var. ət-Tirmizi onları səhv salmışdır. Bu barədə əş-Şafiinin “əl-Umm” (səh. 97-103) əsərini şərh edərkən ətraflı danışmışam. (Əhməd Şakir). Əhməd, 14937, 14955; ət-Tirmizi, 846, 856. Hədis zəifdir. Bax: Daif əl-Cami, 3524; Mişkətul-Məsabih, 2700).
İmam Malik Abdullah ibn Əbu Bəkrdən rəvayət edir ki, Abdullah ibn Amir demişdir: “Bir dəfə mən isti yay günlərinin birində Osman ibn Əffanı Ərac deyilən yerdə ehramda gördüm. O, üzünə qırmızı parça örtmüşdü. Sonra ona ov əti gətirildi və o, yoldaşlarına: “Yeyin!”– dedi. Yoldaşları: “Sən yemirsənmi?”– deyə soruşduqda, o: “Mən sizin kimi deyiləm, çünki bu ov mənim üçün ovlanmışdır”, – dedi”. (əl-Muvatta (səh. 354). (Əhməd Şakir). Malik, 416, 786, 1016, 1290; əş-Şafii, 843).
Tamamlama (əlavə)
[İbn Kəsir burada dörd ayəni – 96, 97, 98 və 99-cu ayələri qeyd etmişdir. Lakin yalnız 96-cı ayənin çox hissəsini qeyd olunan yerə qədər təfsir etmişdir. 96-cı ayənin sonunu və növbəti üç ayəni təfsir etməmişdir. Kitabın bütün mövcud olan əlyazmalarının və çap olunmuş nüsxələrinin hamısında belədir. Görünür, İbn Kəsir bunu səhvən etmişdir. Çünki bunun kitabı köçürənlər tərəfindən olması ehtimal edilmir. Mənbələr müxtəlif olduğuna görə hamısının eyni hissəni düşürmələri mümkün deyil. Odur ki, bu naqisliyi təfsir alimlərinin imamı İbn Cərir ət-Tabərinin təfsir kitabından tamamlamağı münasib bildim. ət-Tabərinin təfsirini müxtəsər olaraq, yalnız ayələrin təfsirində kiçik dəyişikliklər etməklə nəql etmişəm. Həmçinin bacardığım qədər cümlələrin dəqiqliyinə diqqət etməklə və cümlələrin əslini qorumaqla nəql etmişəm. Allahdan bu işimdə yardım diləyərək başlayıram.]
Uca Allah buyurur: “Hüzuruna toplanacağınız Allahdan qorxun!” İbn Cərir ət-Tabəri demişdir: “Uca Allah buyurur: “Ey insanlar, Allahın bu ayələrdə Peyğəmbərinizə fərz etdiyi əmrləri yerinə yetirməklə, habelə sərxoşedici içki, qumar, bütlər, fal oxları və ehramda ikən quru ovu öldürmək kimi qadağalarından çəkinməklə, Allahdan qorxun. Həqiqətən, dönüşünüz Allaha olacaq və O, asiliklərinizə görə sizi cəzalandıracaq, itaətinizə görə isə sizi mükafatlandıracaq və sizə savab verəcəkdir”.
Uca Allah buyurur: “Allah Kəbəni – Beytül-Haramı, haram ayı, həcc qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi”, yəni Allah Beytül-Haram olan Kəbəni zəifləri güclülərdən, yaxşı insanları pislərdən, məzlumları zalımlardan qoruyacaq, rəhbəri və dayağı olmayan insanlar üçün güvən və dayaq yeri etdi. Kəbə ilə yanaşı, “haram ayı, həcc qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları” da insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Uca Allah bunların hər biri vasitəsilə insanları bir-birlərindən qoruyur. Çünki o vaxt insanların Kəbədən başqa, sığınacaq yerləri yox idi. Uca Allah bu sadalananları müsəlmanların dinlərinin nişanəsi və işlərinin düzəlib sahmana düşməsi üçün bir vasitə etdi. Başçı öz tabeçiliyində olanların işlərini sahmana saldığı kimi, Uca Allah Kəbəyə, haram aya, həcc qurbanına, boynuna nişan taxılmış qurbanlıq heyvanlara hörmətlə yanaşan ərəblərə bunları işlərinin sahmana salınması üçün bir vasitə etmişdir.
Kəbəyə gəlincə, onun hamısı Haram ərazisindədir. Uca Allah bu ərazidə ov ovlamağı, tikanları və ağacları kəsməyi haram etdiyi üçün onu “Haram” adlandırmışdır. Kəbə, haram aylar, həcc qurbanlıqlar və boynuna nişan taxılmış qurbanlıq heyvanlar cahiliyyət dövründə ərəblərin öz işlərini sahmana salmaq üçün istifadə etdikləri əsas vasitələr idi. İslam dini gəldikdən sonra isə Kəbə həm də müsəlmanların həcc nişanələri və ayin yerlərindən biri kimi, namazlarında yönəldikləri qiblələridir.
Uca Allah buyurur: “Bu ona görədir ki, siz Allahın göylərdə və yerdə olanları bildiyini və Allahın hər şeyi bilən olduğunu anlayasınız”. İbn Cərir demişdir: “Uca Allah buyurur: “Ey insanlar, bu şeyləri sizin üçün ona görə dolanışıq vasitəsi etdim ki, dünya işlərinizdə sizin üçün nəyin faydalı, nəyin zərərli olduğunu bilən Allahın həm də göylərdə və yerdə, dünya və Axirətdə sizə nəyin faydalı olduğunu bildiyini başa düşəsiniz. Başa düşəsiniz ki, Allah hər şeyi bilir, etdiyiniz əməllərdən heç bir şey Ona gizli qalmaz. Yaxşı əməl edənlərin mükafatını, pis əməl edənlərin isə cəzasını tam vermək üçün əməllərinizi bir-bir sayır”.
Uca Allah buyurur: “Bilin ki, Allah şiddətli cəza verəndir, həmçinin Allah bağışlayandır, rəhmlidir”. İbn Cərir demişdir: “Uca Allah buyurur: “Bilin ki, göylərdə və yerdə olanları bilən, etdiyiniz gizli və aşkar əməllərdən xəbərdar olan Rəbbiniz Ona asi olub əmrlərinə qarşı çıxanlara şiddətli cəza verəndir. Tövbə edib Ona üz tutan və əmrlərinə itaət edənlərin isə günahlarını bağışlayandır. Günahlarından tövbə edib Allaha üz tutanları əvvəl etdikləri günahlara görə cəzalandırmayıb, onlara mərhəmət göstərəcək”.
Uca Allah buyurur: “Allah rəsulunun üzərinə düşən vəzifə ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir”. İbn Cərir demişdir: “Bu, Uca Allahın qullarına növbəti xəbərdarlığıdır. Uca Allah bildirir ki, sizə göndərdiyim peyğəmbərin üzərinə düşən vəzifə yalnız Mənim dinimi sizə çatdırmaqdır. Bundan sonra asi olanlara cəza vermək, itaət edənlərə isə savab vermək Bizə aiddir. Göndərdiyimiz dini qəbul edib itaət edənlər və əmrlərimizə asi olanlar Bizə gizli deyil. Çünki Biz sizlərdən kimin nə etdiyini bilirik. Əzaları ilə aşkarda etdiyi əməllər, dili ilə söylədiyi sözlər, qəlbində gizlətdiyi iman, küfr, yəqinlik, şəkk və nifaq bizə gizli deyil. Hər şeyi bilən Allaha kökslərdə gizlədilənlər və aşkarda edilən əməllər gizli deyil. O, göylərdə və yerdə olanların hamısını bilir. Savab və cəza Onun əlindədir. Qorxub çəkinilməyə ən çox layiq olan Odur, itaət olunub asi olunmaqdan çəkinilməyə ən çox layiq olan da Odur.
əl-Maidə, 100-102
قُلْ لَا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ * يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِنْ تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا وَاللَّهُ غَفُورٌ حَلِيمٌ * قَدْ سَأَلَهَا قَوْمٌ مِنْ قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ
100. De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.
101. Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə agah olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah bağışlayandır, həlimdir.
102. Sizdən əvvəl bir toplum onları soruşmuş, sonra da onları inkar edib kafir olmuşdu.
Uca Allah bu ayədə Öz peyğəmbərinə ﷺ müraciət edərək deyir: “Ey Muhəmməd, onlara de ki: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”, yəni ey insan, murdar nə qədər çox olsa da, onun çoxluğu nəticəni dəyişdirməz. Faydalı olan az halal, zərərli olan çox haramdan daha xeyirlidir. Necə ki hədisdə belə deyilir: “Həqiqətən, az və kifayət edəcək qədər ruzi, çox və baş qatan (Allaha ibadətdən yayındıran) ruzidən daha xeyirlidir!” (Hədisin tam mətni belədir: Əbu Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ belə demişdir: “Hər dəfə günəş doğanda hər iki tərəfinə iki mələk göndərilir. Bu iki mələk car çəkərək səslərini cin və insanlardan başqa, bütün yer əhlinə eşitdirirlər: “Ey insanlar, Rəbbinizə doğru tələsin! Həqiqətən, az və kifayət edəcək qədər ruzi, çox və baş qatan ruzidən daha xeyirlidir!” Hər dəfə günəş batanda hər iki tərəfinə iki mələk göndərilir. (əl-Buxaridə gələn hədisdə isə belə deyilir: “Hər səhər insanlar yuxudan oyandıqda yer üzünə iki mələk enir”). Bu iki mələk car çəkərək səslərini cin və insanlardan başqa bütün yer əhlinə eşitdirirlər: “Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini ver! Allahım, xəsislik edən hər kəsin (malını) tələf et!” (Əhməd, 21769, 22353. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 443, 920). “Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız”, yəni ey sağlam və doğru düşüncə sahibləri, haramdan çəkinin və onu tərk edin. Halal olan ruziyə qane olun və kifayətlənin ki, dünya və axirətdə nicat tapasınız.
Sonra Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın”. Bununla Uca Allah mömin qullarına ədəb öyrədir və onları faydalı olmayan şeyləri soruşub araşdırmaqdan çəkindirir. Çünki onlar üçün faydalı olmayan şeyləri bilsələr, ola bilsin, bu, onların xoşuna gəlməsin və onlara ağır gəlsin. Necə ki hədisdə Peyğəmbər ﷺ demişdir: “Sizdən biriniz başqası barədə mənə xoşagəlməyən bir şey çatdırmasın. Çünki mən sizin qarşınıza sağlam bir qəlb ilə çıxmaq istəyirəm”. (Əbu Davud (4860) İbn Məsuddan rəvayət etmişdir. Həmçinin ət-Tirmizi (4/367) də rəvayət etmişdir. (Əhməd Şakir). Əbu Davud, 4862; Əhməd, 3759. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 4852).
əl-Buxari Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ elə bir xütbə verdi ki, bu vaxta qədər beləsini eşitməmişdim. O, xütbəsində dedi: “Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb, çox ağlayardınız!” Səhabələr bunu eşitdikdə üzlərini tutub içiniçin ağlamağa başladılar. Bu vaxt bir nəfər Peyğəmbərdən ﷺ soruşdu: “Mənim atam kimdir?” Peyğəmbər ﷺ: “Filankəsdir”, – dedi və bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın...”. Hədisi Muslim, Əhməd, ət-Tirmizi və ən-Nəsəi də rəvayət etmişlər. (əl-Buxari, 4255, 4621; Muslim, 4351, 6268).
İbn Cərir Qatədənin bu ayə barədə belə dediyini rəvayət edir: “Ənəs ibn Malik bizə danışmışdır ki, bir dəfə Peyğəmbərin ﷺ səhabələri ona həddindən artıq çox sual verdilər. Bir gün Peyğəmbər ﷺ evindən çıxaraq minbərin üstünə qalxdı və dedi: “Bu gün məndən nə soruşsanız, sizə xəbər verəcəyəm”. Peyğəmbərin ﷺ səhabələri bir hadisənin baş verəcəyindən qorxdular. Mən sağıma və soluma baxdıqda hər kəsin başını örtüb hönkür-hönkür ağladığını gördüm. Bu vaxt atasından başqasına nisbət olunan bir kişi ayağa qalxıb: “Ey Allahın Elçisi, mənim atam kimdir?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Sənin atan Huzafədir”, – dedi. Sonra Ömər ayağa qalxdı və dedi: “Biz Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyıq! Fitnələrin şərindən Allaha sığınıram”. Peyğəmbər ﷺ dedi: “İndicə bu divarda mənə Cənnət və Cəhənnəm göstərildi. Mən belə bir xeyir və belə bir şər (Cənnət kimi heyrətamiz və Cəhənnəm kimi qorxunc bir şey) görməmişdim”. Bu hədisi əl-Buxarı və Muslim də rəvayət etmişlər. (əl-Buxari, 507, 540).
Oxşar hədisi əz-Zuhri Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir. əz-Zuhri demişdir: “Abdullah ibn Huzafənin anası dedi: “Mən səndən daha azğın bir uşaq görmədim. Sən düşündün ki, anan cahiliyyət dövründə insanların etdiyi əməli etmişdir, buna görə də onu insanların qarşısında rüsvay etməyə çalışdın?” Abdullah ibn Huzafə dedi: “Allaha and olsun ki, Peyğəmbər ﷺ məni qara bir köləyə nisbət etsəydi, mən onun uşağı olduğumu qəbul edərdim”. (əz-Zuhrinin Ənəsdən (Allah ondan razı olsun) etdiyi rəvayəti əl-Buxari həm geniş, həm də müxtəsər olaraq rəvayət etmişdir (1/169, 2/17-18, 8/210-211, 13/230 Fəthul-Bari). Həmçinin İbn Hibban “Səhih” əsərində (106) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 4353, 6270).
əl-Buxari İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir vaxtlar bəzi cahillər istehza ilə Peyğəmbərə ﷺ suallar verərdilər. Kimisi: “Mənim atam kimdir?”, kimisi də dəvəsini soraqlayaraq: “Dəvəm haradadır?”– deyirdi. Allah onlar barədə bu ayəni sonuna qədər nazil etdi: “Ey iman gətirənlər! Sizə agah olunca, xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın...”. Bu hədisi yalnız əl-Buxari rəvayət etmişdir. (əl-Buxari (8/212). Oxşar hədisi ət-Tabəri də rəvayət etmişdir (12794). (Əhməd Şakir). əl-Buxari, 4256, 4622).
İmam Əhməd Əlidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın: “Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır” ayəsi nazil olduqda bəziləri: “Ey Allahın Elçisi, həcc etmək hər il vacbdir?”– deyə soruşdular. Peyğəmbər ﷺ susdu. Onlar yenə: “Həcc etmək hər il vacibdir?”– deyə soruşdular. Peyğəmbər ﷺ dedi: “Xeyr, hər il deyil. Əgər “bəli” desəydim, hər il həcc etmək üzərinizə fərz olardı. Əgər hər il vacib olsaydı, buna gücünüz çatmazdı”. Uca Allah da bu ayəi nazil etdi: “Ey iman gətirənlər! Sizə agah olunca, xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın...”. Hədisi ət-Tirmizi və İbn Məcə də belə rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Hədisin bu şəkildə rəvayət edilməsi qəribədir, çünki mən əl-Buxarinin belə dediyini eşitmişəm: “Hədisi Əlidən rəvayət edən Əbul-Bəxtəri Əli ilə eyni dövrdə yaşamamışdır”. (Əhməd (905). Hədisin isnadı başqa bir səbəbdən – isnadında Abdul-Əla ibn Amir əs-Sələbinin olduğu üçün zəifdir. Çünki bu, zəif ravidir. (Əhməd Şakir). ət-Tirmizi, 814; İbn Məcə 2884. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 2520).
Ayənin zahiri mənasına görə bir şəxsin cavabını bildiyi təqdirdə, xoşuna gəlməyəcəyi şeyləri soruşması qadağandır. Əgər bir şeyin cavabını bildiyi təqdirdə, bu, onun xoşuna gəlməyəcəksə, yaxşı olar ki, bu barədə soruşmaqdan imtina etsin və onu soruşmasın. Bu mövzuda ən gözəl hədislərdən biri İmam Əhmədin Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisdir: Hədisdə Peyğəmbər ﷺ səhabələrinə belə demişdir: “Sizdən biriniz başqası barədə mənə xoşagəlməyən bir şey çatdırmasın. Çünki mən sizin qarşınıza sağlam bir qəlblə çıxmaq istəyirəm”. Bu hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi hədisin bu şəkildə “ğarib” olduğunu demişdir. (Əbu Davud, 4862; Əhməd, 3759. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 4852).
Uca Allah buyurur: “Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə agah olar”, yəni, əgər soruşulması qadağan edilmiş olan bu şeyləri Peyğəmbərə ﷺ vəhy nazil olan vaxt soruşsanız, bu, sizə bildirilər və bunun bildirilməsi asandır. Uca Allah sonra buyurur: “Allah bunları əfv etdi”, yəni indiyə qədər verdiyiniz bu cür sualları əfv etdi. “Allah bağışlayandır, həlimdir”.
Bəzi alimlər bildirmişlər ki, Uca Allahın “Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə agah olar” ayəsinin mənası belədir: “Yeni bir məsələ barədə soruşmaq istədikdə, bunu soruşmayın, çünki sizin bu sualınıza görə çətin bir hökm nazil ola bilər”. Bu mənada bir hədis rəvayət olunmuşdur. Peyğəmbər ﷺ demişdir: “Ən böyük günah qazanan müsəlmanlar haram olmayan bir şey barədə soruşan və bu sualına görə o şeyin haram olmasına səbəb olan kəslərdir”. (Əhməd (1545), Sad ibn Əbu Vəqqasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisin mətni belədir: “Müsəlmanlar arasında ən böyük günah qazananlar o kəslərdir ki,...”. Oxşar hədisi İbn Hibban “Səhih” əsərində (110) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 4349-4350, 6265). Lakin, əgər Quranda bir məsələ ümumi şəkildə nazil olmuşsa, onun açıqlanmasını bilmək üçün bu barədə soruşa bilərsiniz və bu, sizə açıqlanacaq, çünki sizin buna ehtiyacınız var.
Uca Allah buyurur: “Allah bunları əfv etdi”, yəni Allah Kitabında nəyi zikr etməmişsə, o şeyləri əfv etmişdir. Bu səbəbdən Quranın zikr etməyib susduğu məsələlər barədə siz də susun və soruşmayın. “Səhih” əsərində rəvayət olunan bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Sizə bir şeyin hökmünü bəyan etməyənə qədər mənə bu barədə sual verməyin. Həqiqətən, sizdən əvvəlki ümmətlərin həlak olmalarına səbəb çox sual vermələri və peyğəmbərlərinə qarşı çıxmaları olmuşdur”. (Əhməd (7361) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 6744, 7288). Bir başqa səhih hədisdə isə belə buyurulur: “Həqiqətən, Allah vacib olanları vacib etmişdir, onları ötürməyin. Hədlər qoymuşdur, onları aşmayın. Müəyyən şeyləri haram etmişdir, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil, sizə mərhəmət olaraq susmuşdur, onlar barədə soruşmayın”. (əd-Dəraqutni (4/185), əl-Hakim (4/115) və əl-Beyhəqi (10/12) rəvayət etmişlər. (Əhməd Şakir). əd-Dəraqutni, 4396; əl-Hakim, 7114; əl-Beyhəqi “Sunənul-Kubra” 19725, 19757, 20217; ət-Tabərani “Mucəmul-Kəbir” 18035. Hədis həsən li-ğeyrihidir. Bax: Təxric Əhədisu Şərhul-Aqidətut-Tahaviyyə, 338).
Uca Allah buyurur: “Sizdən əvvəl bir toplum onları soruşmuş, sonra da onları inkar edib kafir olmuşdu”, yəni bu qadağan edilən məsələlər barədə sizdən əvvəlki qövmlər də soruşmuş və onlara cavab verilmişdi. Onlar isə bu cavablara inanmamışlar və bu səbəbdən kafir olmuşlar. Yəni onlara edilən bu açıqlamadan faydalanmamışlar, çünki onlar öyrənmək məqsədilə deyil, inadkarlıq edərək soruşmuşlar.
İbn Cərir ət-Tabəri Xuseyfdən, o da Mucahiddən, o da İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, ayədə “xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın” dedikdə, (növbəti ayədə qeyd olunan) “bəhirə”, “saibə”, “vəsilə” və “ham” adlandırılıb bütlərə nəzir edilən heyvanlar barəsində soruşmaq nəzərdə tutulur. Necə ki ayənin davamında Uca Allah: “Bəhirə”, “saibə”, “vəsilə” və “ham” adlandırılıb bütlərə nəzir edilən heyvanlar barəsində Allah heç nə buyurmamışdır”– deyir. Xuseyf demişdir: “İkrimə isə belə dedi: “Onlar Peyğəmbərdən ﷺ möcüzələr göstərməsini istəyirdilər və bu, onlara qadağan edildi”. Bu səbəbdən ayənin davamında: “Sizdən əvvəl bir toplum onları soruşmuş, sonra da onları inkar edib kafir olmuşdu” buyurulur”. (ət-Tabəri (12811). (Əhməd Şakir). ət-Tabəri, 12862). Burada İkrimə Peyğəmbərdən ﷺ möcüzələr göstərməsini tələb etməyin qadağan olunmasını nəzərdə tutmuşdur. Necə ki qureyşlilər Peyğəmbərin ﷺ onlar üçün çaylar axıtmasını, Səfa dağını qızıldan etməsini və buna bənzər başqa şeyləri istəmişlər. Həmçinin yəhudilər də Peyğəmbərdən ﷺ onlara göydən bir kitab endirməsini istəmişlər. Uca Allah bu xüsusda belə buyurur: “Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk” (“əl-İsra”, 59). Həmçinin buyurur: “Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?” Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir” (“əl-Ənam”, 109-111).
əl-Maidə, 103-104
مَا جَعَلَ اللَّهُ مِنْ بَحِيرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ وَلَكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ * وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ
103. “Bəhira”, “saibə”, “vəsilə” və “ham” adlandırılıb bütlərə nəzir edilən heyvanlar barəsində Allah heç nə buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamırlar.
104. Onlara: “Allahın nazil etdiyinə və rəsula tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəs edər”– deyirlər. Bəs ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə, onda necə?
əl-Buxari Səid ibn Museyyibin belə dediyini rəvayət etmişdir: “Bəhira” – bütlərə nəzir edildiyi üçün südü içilməyən və heç kim tərəfindən sağılmayan heyvandır. “Saibə” isə - bütlərə nəzir edildiyi üçün müşriklərin nəzarətsiz buraxdığı heyvandır. Bu heyvandan minik kimi istifadə olunmaz və üzərində heç bir şey daşınmazdı”. Səid ibn Museyyib Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Mən Xuzəa qəbiləsindən Amr ibn Amirin Cəhənnəmdə bağırsaqlarını sürüdüyünü gördüm, çünki o, heyvanı bütlərə nəzir edərək başlı-başına buraxan ilk şəxs olmuşdur”. “Vəsilə” döllənməmiş dəvəyə deyilir. Hər hansı bir dəvənin ilk balası dişi olardısa, həmin bala dölləndirilməzdi, əgər ikinci balası da dişi doğulardısa, birinci balanı bütlərə nəzir edib toxunmazdılar. Bu iki dişi bala arasında erkək dəvə doğulmadığı üçün vəsilə (“Vəsilə” sözünün hərfi mənası “birləşmək” deməkdir). adlandırılardı. “Ham” isə erkək dəvəyə deyilir. Müəyyən sayda dişi dəvəni boğaz etdikdən sonra onu “ham” (qorunan) adlandırıb, bütləri üçün ayırardılar və bir daha ondan minik üçün istifadə etməz, üzərində yük daşımazdılar”. Hədisi Muslim və ən-Nəsəi də rəvayət etmişlər. (əl-Buxari (8/213-214, 6/399-400 Fəthul-Bari); Muslim (2/354-355); Əhməd (7696, 8773). (Əhməd Şakir). əl-Buxari, 4257, 4623; Muslim, 5097, 7372).
Sonra əl-Buxari Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Cəhənnəmi içindəkilərinin bir-birini yandırıb-yaxan gördüm. Mən Amrı Cəhənnəm odunda bağırsaqlarını yerlə sürüdüyünü gördüm, çünki ilk dəfə dəvəni bütlərə nəzir deyib sərbəst buraxan o olmuşdur”. Bu hədisi yalnız əl-Buxari rəvayət etmişdir. (əl-Buxari, 3260, 3521).
İbn Cərir Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ Əksəm ibn əl-Cəunə belə dediyini eşitdim: “Ey Əksəm, mən Amr ibn Luheyi Cəhənnəm odunda bağırsaqlarını yerlə sürüyərkən gördüm. İnsanlar arasında ona səndən daha çox bənzəyən, sənə də ondan daha çox bənzəyən bir kəs görmədim”. Əksəm dedi: “Ey Allahın Elçisi, qorxursan ki, onun mənə bənzəməsi mənə zərər toxundurar?” Peyğəmbər ﷺ dedi: “Xeyr, sən möminsən, o isə kafirdir. Çünki o, ilk dəfə bəhiranı, saibəni və hamı bütlərə nəzir edərək İbrahimin dinini dəyişən şəxs olmuşdur”. Sonra İbn Cərir oxşar hədisi başqa isnadla da rəvayət etmişdir. (ət-Tabəri (12820, 12822). (Əhməd Şakir). ət-Tabəri, 12871, 12878; əl-Bəzzər, 8991. Hədisin isnadı həsəndir. Bax: Silsilə əs-Səhihə, 1677).
İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İlk dəfə heyvanı bütlərə nəzir edərək sərbəst buraxan və bütlərə ibadət edən Əbu Xuzəa Amr ibn Amir olmuşdur. Mən onu Cəhənnəmdə bağırsaqlarını yerlə sürüyərkən gördüm”. Hədisi bu şəkildə yalnız İmam Əhməd rəvayət etmişdir. (Əhməd (4258). (Əhməd Şakir). Şueyb əl-Arnavut səhih li-ğeyrihi olduğunu bildirmişdir).
Hədislərdə adı keçən Amr ibn Luhey ibn Qaməa (Amr ibn Amir ibn Luhey ibn Qaməa ibn Xandəf ibn İlyas ibn Mudar. Xandəf Əbu Xuzaədir. Bax: İbn Həzmin “Cəmhərətul-Ənsəb” əsəri (səh. 222-223). Amr bəzən atasına, bəzən isə babasına nisbət olunur. (Əhməd Şakir). Xuzəa qəbiləsinin başçılarından biri olmuşdur. Bu qəbilə Curhum qəbiləsindən sonra Kəbənin rəhbərliyini əlinə almışdı. Amr ibn Luhey İbrahimin dinini dəyişən ilk adamdır. Bütləri Hicaza (Ərəbistan yarımadasına) ilk dəfə gətirən o olmuşdur. Sonra qəbilə başçılarını və insanları bütlərə ibadət etməyə və onlara təzim etməyə çağırmışdır. Həmçinin o, ev heyvanlarını bu bütlərə nəzir edərək sərbəst buraxmağı və buna bənzər əməlləri dinə əlavə edərək cahiliyyət adətlərini gətirmişdir. Necə ki Uca Allah “əl-Ənam” surəsində bu xüsusda buyurur: “Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir!” (“əl-Ənam”, 136).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bəhira” – ardıcıl olaraq beş dəfə balalayan dəvənin beşinci balası erkək olardısa, onu kəsərdilər, ətindən kişilər yeyərdi, qadınlara isə bu ətdən verməzdilər, əgər beşinci bala dişi olardısa, onun qulağını kəsib bütə nəzir edərdilər və: “Bu, bəhiradır”– deyərdilər”. (İbn Əbu Hatim, 6887). əs-Suddi və başqaları da buna oxşar rəvayətlər nəql etmişlər.
Saibəyə gəlincə, Mucahid demişdir: “Saibə” – eynilə “bəhira” kimi, qoyundan olan heyvandır. Qoyun altı bala doğardısa, olduğu kimi qalardı, əgər yeddinci balası bir erkək və ya iki əkiz erkək olardısa, onu kəsərdilər. Onun ətindən də kişilər yeyər, qadınlar isə yeməzdilər”. (İbn Əbu Hatim, 6893; ət-Tabəri, 12835, 12886). Muhəmməd ibn İshaq demişdir: “Saibə” – aralarında erkək olmayan, ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvədir. Bütpərəstlər onu sərbəst buraxar, ondan minik kimi istifadə etməz, üzərində yük daşımaz, yununu qırxmaz, südünü isə ancaq qonağa verərdilər”. (İbn Əbu Hatim, 6900).
Vəsiləyə gəlincə isə İbn Abbas (Allah ondan razı olsun) bu haqda demişdir: “Vəsilə – ardıcıl olaraq yeddi dəfə balalayan qoyundur. Ərəblər bu qoyunun yeddinci balasına baxardılar, əgər yeddinci bala erkək doğulardısa, yaxud dişi olub, ölü doğulardısa, ətinə həm kişilər, həm də qadınlar birlikdə şərik olardılar. Əgər yeddinci bala dişi olub, sağ doğulardısa, onu sağ saxlayardılar (kəsməzdilər). Əgər dişi və erkək əkiz doğulardısa, onların hər ikisini sağ saxlayardılar və: “Bacısı onun sağ qalmasına səbəb oldu və onu bizə haram etdi”– deyərdilər”. Bu təfsiri İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Əbu Hatim, 6898).
Abdur-Razzəq Səid ibn Museyyibin belə dediyini rəvayət etmişdir: “Dəvələrdə “vəsilə” – birinci və ikinci balası dişi olan dəvəyə deyilirdi. Belə dəvəni “vəsilə” adlandırıb: “İki dişi dəvə arasında erkək doğulmadı və iki dişi dəvə birləşdi”– deyərdilər. Beləcə, bu dişi dəvənin qulağını çərtib bütlərinə nəzir edərdilər”. (İbn Əbu Hatim, 6902; ət-Tabəri, 12840, 12891). Oxşar rəvayət İmam Malikdən də nəql edilmişdir.
Muhəmməd ibn İshaq demişdir: “Qoyunlarda isə “vəsilə” – hər birində əkiz olmaqla, beş qarına on dişi quzu doğan qoyuna deyilirdi. Belə dişi qoyunu “vəsilə” adlandırar və bütlərə nəzir edərək tərk edərdilər. Bundan sonra doğduğu quzuların erkək və ya dişi olmasından asılı olmayaraq, onlardan kişilər yeyərdilər, qadınlara isə verməzdilər. Əgər bala ölü doğulardısa, ondan həm qadınlar, həm də kişilər yeyərdilər”. (İbn Əbu Hatim, 6900).
Hama gəlincə isə İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ham” – damazlıq erkək dəvəyə deyilir. Onun belindən gələn dəvənin balası olduqda: “O, belini qorudu”– deyərdilər və bir daha onun üzərinə yük yükləməzdilər və tükünü qırxmazdılar. Hətta başqasının olsa belə, hansı qoruğa girirsə-girsin, hansı hovuzdan su içirsə-içsin, ona mane olmazdılar”. (İbn Əbu Hatim, 6903).
Bu ayənin təfsiri barədə başqa rəylər də deyilmişdir. Bu mövzuda İbn Əbu Hatim Malik ibn Nadlədən (Allah ondan razı olsun) bir hədis rəvayət etmişdir. Malik ibn Nadlə demişdir: “Bir dəfə mən köhnə bir paltarda Peyğəmbərin ﷺ yanına gəldim. Peyğəmbər ﷺ məndən soruşdu: “Malın varmı?” Mən: “Bəli”, – deyə cavab verdim. Peyğəmbər ﷺ soruşdu: “Hansı növ malın var?” Mən: “Hər növ malım var. Dəvə, qoyun, at, kölə”, – deyə cavab verdim. Peyğəmbər ﷺ dedi: “Əgər Allah sənə bir mal vermişsə, qoy onun əlaməti üzərində görünsün”. Sonra belə dedi: “Dəvələrin doğulanda qulaqları bütöv olurmu?” Mən: “Bəli”, – dedim. Peyğəmbər ﷺ dedi: “Heç dəvə bundan başqa halda doğularmı?” Sonra dedi: “Bəlkə də, sən bıçağı götürüb dəvələrdən bir qisminin qulağını kəsib: “Bu, bəhiradır”– deyirsən, bir qisminin isə qulağını çərtib: “Bu, haramdır”– deyirsən?” Mən: “Bəli, edirəm”– dedikdə, Peyğəmbər ﷺ: “Belə etmə, Allahın sənə verdiyi hər şey halaldır”, – dedi. Sonra Peyğəmbər ﷺ Uca Allahın: “Bəhira”, “saibə”, “vəsilə” və “ham” adlandırılıb bütlərə nəzir edilən heyvanlar barəsində Allah heç nə buyurmamışdır” ayəsini oxudu. Bəhira – ərəblərin qulağını kəsdikləri heyvandır. Bu heyvanın yunundan və südündən onların nə arvadı, nə qızları, nə də ailə üzvləri faydalanmazdı. Öldükdə isə onun ətinə hamı şərik olardı. “Saibə” isə – bütlərə nəzir edilərək sərbəst buraxılan heyvanlardır. Bu heyvanları bütlərin yanına aparıb orada sərbəst buraxardılar. Vəsiləyə gəlincə, o, altı qarın doğan qoyundur. Yeddinci balanı doğduqda qulağını kəsib, buynuzunu qoparıb: “Artıq çatdı”– deyərdilər və bundan sonra onu kəsməzdilər. Bu heyvanı vurmazdılar, hansı su hovuzunun yanına gələrdisə, ona su içməyə mane olmazdılar”. (İbn Əbu Hatim, 6885). Hədis bu şəkildə, ayənin təfsiri ilə birlikdə rəvayət edilir. Bu hədis başqa bir şəkildə Əbul-Əhvəs Auf ibn Malikdən (Allah ondan razı olsun) də rəvayət olunur və bu rəvayət daha doğrudur. Hədisi İmam Əhməd Əbul-Əhvəs Auf ibn Malikdən, o da atası Malik ibn Nadlədən (Allah ondan razı olsun) rəvayət etmişdir, lakin bu hədisdə ayənin təfsiri yoxdur. Ən doğrusunu Allah bilir. (Əhməd (15953, 15956); ət-Tabəri (12825, 12826). ət-Tabəri (11/133) ayəni geniş təfsir etdikdən sonra demişdir: “Bu əməllər cahiliyyət dövründə edilirdi, İslam dini gəldikdən sonra bu əməllərin batil olduğunu bildirdi. Günümüzdə bu əməlləri edən hər hansı bir toplum tanımırıq”. (Əhməd Şakir). ət-Tabəri, 12877; Əhməd, 15929, 15932, 15983. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1093).
Uca Allah buyurur: “Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamırlar”, yəni Allah bu şeylərin heç birini buyurmamışdır və bunlar insanı Allaha yaxınlaşdıran əməllər deyil. Lakin müşriklər bunları özlərindən uydurmuşlar və bunu özlərinə şəriət qanunu edərək Allaha yaxınlaşmaq üçün vasitə etmişlər. Halbuki bu əməllərlə Allaha yaxınlaşa bilməzlər. Əksinə, bu əməllər onları fəlakətə aparır.
“Onlara: “Allahın nazil etdiyinə və rəsula tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəs edər”– deyirlər”, yəni onlar Allahın dininə və şəriətinə çağırıldıqda, Allahın vacib etdiklərini yerinə yetirib, haram etdiklərindən çəkinməyə dəvət edildikdə belə deyərlər: “Ata-babalarımızın tutduğu yol bizə kifayətdir”. Uca Allah da onlara belə cavab verir: “Bəs ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə, onda necə?”, yəni, əgər ata-babaları haqqı anlamayıb, bilməyib və doğru yolla getməyiblərsə, onda necə? Belə olan təqdirdə onların arxasınca necə gedə bilərlər? Onlar özlərindən daha savadsız kimsələrə və daha azğın yolda olanlara tabe olurlar.
əl-Maidə, 105
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ لَا يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
105. Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz. Hamınızın dönüşü Allahadır. Və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.
Uca Allah bu ayədə mömin qullarına özlərini islah etməyi, gücləri və taqətləri yetəcək qədər xeyir işlər görməyi əmr edir. Həmçinin bildirir ki, öz işlərini qaydasına salan kimsəyə, qohum və ya yad olmasından asılı olmayaraq, başqalarının azğınlıqları zərər verməyəcək.
İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Uca Allah buyurur ki, əgər bir qul əmr etdiyim halalları etməklə, qadağan etdiyim haramlardan çəkinməklə, Mənə itaət edərsə, artıq başqalarının azğınlığa düşməsi ona zərər verə bilməz”. (ət-Tabəri, 12864, 12915). Muqatil də belə demişdir.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Öz qeydinizə qalın!”, yəni öz halınızın qeydinə qalın. “Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz. Hamınızın dönüşü Allahadır. Və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir”, yəni Allah hər əməl sahibinin etdiyi əmələ uyğun əvəz verəcək. Əməli xeyir olarsa, mükafatı xeyir olacaq, əməli şər olarsa, cəzası da şər olacaq.
Bu ayə heç də ona dəlalət etmir ki, insan yalnız öz qeydinə qalıb mümkün olduğu təqdirdə insanlara yaxşı işlər görməyi buyurub, pis əməllərdən çəkindirməyi tərk etsin. İmam Əhməd Qeysdən rəvayət etmişdir ki, bir dəfə Əbu Bəkr (Allah ondan razı olsun) xütbə vermək üçün qalxdı və Allaha həmd-səna etdikdən sonra dedi: “Ey insanlar, siz Uca Allahın: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz” ayəsini oxuyursunuz, amma bu ayəni düzgün başa düşmürsünüz. Həqiqətən, mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “İnsanlar pis bir əməl görüb, onu dəyişməzlərsə, tezliklə Uca Allah onların hamısına əzab göndərər”. Qeys dedi: “Mən Əbu Bəkrin belə dediyini eşitdim: “Ey insanlar, yalan danışmaqdan çəkinin, çünki yalan imana ziddir”. Bu hədisi dörd “Sunən” əsərinin müəllifləri, İbn Hibban “Səhih” əsərində və digər hədis alimləri müxtəlif bitişik sənədlərlə Peyğəmbərdən ﷺ rəvayət etmişlər. Bəziləri hədisi Əbu Bəkrin (Allah ondan razı olsun) sözü olaraq da rəvayət etmişdir. Lakin əd-Dəraqutni və başqaları hədisin Peyğəmbərə ﷺ nisbət olunmasının daha doğru olduğunu bildirmişlər. (əl-Musnəd (16). (Əhməd Şakir). Əhməd, 1; İbn Məcə, 4005. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1564).
ət-Tirmizi Əbu Umeyyə əş-Şəbanidən rəvayət etmişdir ki, bir dəfə mən Əbu Sələbə əl-Xuşəninin yanına gəlib: “Bu ayə barədə nə deyə bilərsən?”– deyə soruşdum. O dedi: “Hansı ayə?” Mən dedim: “Uca Allahın: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz” ayəsi barədə”. O dedi: “Allaha and olsun ki, sən bu barədə elmi olan birindən (yəni məndən) soruşdun. Mən bu ayə barədə Peyğəmbərdən ﷺ soruşdum, o, belə dedi: “İnsanlara yaxşı işlər görməyi əmr edib, pis əməllərdən çəkindirin. Əgər insanların xəsisliyi Allahın haqlarından üstün tutduqları, nəfsi istəklərinə uyduqları, dünyaya bağlandıqları və hər kəsin öz rəyini bəyəndiyi bir zamana yetişsən, sən öz (dinini qorumaqla) qeydinə qal və insanları tərk et. Çünki sizdən sonra elə günlər gələcək ki, bu günlərdə (dini qorumaq üçün) səbir etmək ovucda köz tutmaq kimi çətin olacaq. Həmin günlərdə əməlisaleh iş görən bir kişinin savabı sizdən əlli kişinin gördüyü əməlin savabına bərabər olacaq”. Abdullah ibn Mubərak dedi: “Utbədən başqaları hədisə bu sözləri əlavə etmişlər: “Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, onlardan əlli kişinin savabına, yoxsa bizdən?” Peyğəmbər ﷺ dedi: “Xeyr, sizdən əlli kişinin savabına bərabər olacaq”. Sonra ət-Tirmizi demişdir: “Bu hədis həsən-ğarib-səhihdir”. Hədisi, həmçinin Əbu Davud, İbn Məcə, İbn Cərir və İbn Əbu Hatim də rəvayət etmişlər. (ət-Tirmizi (4/99-100); Əbu Davud (4341); İbn Məcə (4014); ət-Tabəri (12862, 12863). (Əhməd Şakir). ət-Tirmizi, 3058, 3335. Hədisin “Çünki sizdən sonra elə günlər gələcək ki, bu günlərdə (dini qorumaq üçün) səbir etmək ovucda köz tutmaq kimi çətin olacaq” cümləsi istisna olmaqla hədis zəifdir. Bax: Daif əl-Cami, 2344. Hədisin “Çünki sizdən sonra elə günlər gələcək ki, bu günlərdə (dini qorumaq üçün) səbir etmək ovucda köz tutmaq kimi çətin olacaq” hissəsi isə səhihdir. Bax: Silsilə əs-Səhihə, 494).
Əbul-Aliyə Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) Uca Allahın: “Ey iman gətirənlər! Öz qeydini-zə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz” ayəsinin təfsiri barədə belə rəvayət etmişdir: “Bir dəfə Abdullah ibn Məsudun məclisində oturmuşduq. Bu vaxt iki nəfər arasında adətən insanlar arasında baş verən mübahisə oldu və onlar bir-birlərinə qarşı ayağa qalxdılar. Abdullah ibn Məsudun məclisində oturanlardan biri dedi: “Bəlkə, qalxıb onlara yaxşı işlər görməyi buyurub, pis əməllərdən çəkindirim?!” Yanındakı ona: “Sən öz qeydinə qal, çünki Uca Allah: “Ey iman gətirənlər! Öz qeydinizə qalın!” buyurur”, – dedi. İbn Məsud bunu eşitdikdə dedi: “Dayan, sən bu ayənin təfsirini demədin. Həqiqətən, Quran ayələri yerinə görə nazil olmuşdur. Quranın bəzi ayələrinin yozumu nazil olmamışdan əvvəl olub keçmişdir. Bəzi ayələrinin yozumu Peyğəmbərin ﷺ dövründə olmuşdur. Bəzi ayələrinin yozumu Peyğəmbərin ﷺ ölümündən qısa bir müddət sonra olmuşdur. Bəzi ayələrinin yozumu günümüzdə hələ də baş verməkdədir. Bəzi ayələrinin yozumu Qiyamət gününə yaxın gələcəkdir və belə ayələrə Qiyamətin baş vermə əlamətləri aiddir. Bəzi ayələrin yozumu isə Haqq-Hesab günü gələcəkdir və bu ayələr Cənnət, Cəhənnəm və haqq-hesab günü ilə əlaqəli olan ayələrdir. Nə qədər ki qəlbləriniz birdir, istəkləriniz birdir, firqələrə parçalanmamısınız, bir-birinizin gücünü dadmamısınız (bir-birinizlə vuruşmamısınız), yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirin. Qəlbləriniz və istəkləriniz ayrıldıqda, firqələrə bölündükdə, bir-birinizin gücünü daddıqda hər kəs öz nəfsi ilə baş-başa qalacaq, məhz o zaman bu ayənin açıqlaması gələcək”. Hədisi İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (12859, 12860). (Əhməd Şakir). İbn Əbu Hatim, 6922; ət-Tabəri, 12910; əl-Beyhəqi “Şuabul-İman” 7146).
İbn Cərir Sufyan ibn Uqaldən rəvayət etmişdir ki, bir dəfə Abdullah ibn Ömərə (Allah ondan razı olsun) dedilər: “Bəlkə, bu günlərdə bir az istirahət edəsən və yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirməyi saxlayasan, çünki Uca Allah: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz”– buyurur”. Abdullah ibn Ömər dedi: “Bu nə mən, nə də yoldaşlarım barədə nazil olmamışdır. Çünki Peyğəmbər ﷺ demişdir: “Qoy burada dediklərimə şahid olanlar eşitdiklərini aramızda olmayanlara təbliğ etsinlər”. Biz, Peyğəmbərin ﷺ dediklərinə şahid olanlarıq, siz isə o vaxt aramızda olmayanlarsız. Bu ayə bizdən sonra gələcək bir toplum barədədir. Onlar yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirəcəklər, lakin bu, onlardan qəbul edilməyəcək”. (ət-Tabəri (12851). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 12902). İbn Cərir, həmçinin Səvvar ibn Şəbibin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Abdullah ibn Ömərin (Allah ondan razı olsun) yanında idim. Bu vaxt sərt baxışı olan, kobud danışqlı bir adam gəlib dedi: “Ey Əbu Abdur-Rahmən, davamlı Quran oxuyan altı kişi var. Onların hamısı ibadətlərində bacardıqları qədər çalışırlar və pis iş görməkdən çəkinirlər. Bununla belə, bir-birlərini şirk etməkdə ittiham edirlər”. Orada olanlardan biri dedi: “Bir-birlərini şirk etməkdə ittiham etməkdən daha pis nə var?” Kişi: “Mən səndən soruşmuram, bu yaşlıdan soruşuram”, – dedi və dediklərini Abdullah ibn Ömərə bir daha təkrarladı. Abdullah ibn Ömər dedi: “Vay sənin halına! Ola bilsin, sən gözləyirsən ki, mən sənə gedib onları öldürməyi əmr edəcəm. Get onlara nəsihət et və onları etdikləri əməldən çəkindir. Əgər sənə asi olsalar, o zaman onları tərk et və öz qeydinə qal. Çünki Uca Allah: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz”– buyurur”. (ət-Tabəri (12854). Hədisin isnadı səhihdir. Səvvər ibn Şəbib mötəbər tabiindir. əl-Buxari və İbn Əbu Hatim onun tərcümeyi-halını qeyd etmiş və onun mötəbərliyinə xələl gətirən heç bir şey deməmişlər. (Əhməd Şakir). ət-Tabəri, 12905).
Həmçinin İbn Cərir Əbu Məzindən rəvayət etmişdir ki, Osmanın (Allah ondan razı olsun) xilafəti dövründə Mədinəyə getdim. Mədinədə bir toplum müsəlman oturmuşdu və içərilərindən biri digərlərinə bu ayəni oxuyurdu: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz”. Orada olanların əksəriyyəti: “Günümüzdə bu ayənin yozumu gəlməmişdir”, – dedi”. (ət-Tabəri (12852, 12853). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 12903).
İbn Cərir Cubeyr ibn Nufeyrin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ səhabələrinin də iştirak etdiyi bir məclisdə idim. O məclisdə olanların yaşca ən kiçiyi mən idim. Onlar insanlara yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan etmək mövzusunu müzakirə edirdilər. Mən müzakirəyə müdaxilə edərək: “Məgər Uca Allah Kitabında: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz”– deyə buyurmurmu?”– dedim. Hamı mənə tərəf çevrilib bir səslə: “Sən yozumunu bilmədiyin, mənasını anlamdığın halda, Qurandan bir ayə gətirirsən?”– dedilər. Mən belə deməyimə peşman oldum. Onlar yenə öz aralarında danışmağa başladılar. Məclisdən qalxmaq vaxtı yetişdikdə dedilər: “Sən azyaşlı uşaqsan. Mənasını bilmədən Allahın ayələrindən bir ayə gətirdin. Ola bilsin ki, sən o zamana yetişəcəksən. Əgər insanların xəsisliyi Allahın haqlarından üstün tutduqları, nəfsi istəklərinə uyduqları, dünyaya bağlandıqları və hər kəsin öz rəyini bəyəndiyi bir zamana yetişsən, sən (dinini qorumaqla) öz qeydinə qal və doğru yolda olsan, haqq yoldan sapmış kimsələr sənə zərər yetirə bilməz”. (ət-Tabəri (12858). (Əhməd Şakir). ət-Tabəri, 12909).
Səid ibn Museyyib ayənin təfsirində belə demişdir: “Sən yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan etdikdən sonra özün doğru yolda olduğun müddətcə haqq yoldan azanlar sənə zərər verə bilməzlər”. Bunu İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 12869, 12920). Bir çox sələf alimləri də ayənin təfsirində belə demişlər.
əl-Maidə, 106-108
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِنْكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنْتُمْ ضَرَبْتُمْ فِي الْأَرْضِ فَأَصَابَتْكُمْ مُصِيبَةُ الْمَوْتِ تَحْبِسُونَهُمَا مِنْ بَعْدِ الصَّلَاةِ فَيُقْسِمَانِ بِاللَّهِ إِنِ ارْتَبْتُمْ لَا نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَى وَلَا نَكْتُمُ شَهَادَةَ اللَّهِ إِنَّا إِذًا لَمِنَ الْآثِمِينَ * فَإِنْ عُثِرَ عَلَى أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الْأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللَّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِنْ شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَمِنَ الظَّالِمِينَ * ذَلِكَ أَدْنَى أَنْ يَأْتُوا بِالشَّهَادَةِ عَلَى وَجْهِهَا أَوْ يَخَافُوا أَنْ تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ وَاتَّقُوا اللَّهَ وَاسْمَعُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
106. Ey iman gətirənlər! Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin. Səfərdə ikən başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan başqa iki kişini şahid tutun. Əgər onlar barədə şübhəyə düşsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Yaxın qohumların lehinə olsa belə, bu andı heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə and içsinlər.
107. Əgər bu ikisinin yalandan şahidlik edərək günah iş tutduğu aşkara çıxsa, o zaman onların yerini haqsızlığa məruz qalmış varislərdən ölüyə daha yaxın olan iki kişi tutar və onlar: “And olsun ki, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz heç kəsin haqqına təcavüz etmədik. Əks halda biz, əlbəttə, zalımlardan olarıq”, – deyə Allaha and içərlər.
108. Bu hökm onların şəhadəti olduğu kimi vermələri, yaxud andlarından sonra bu andların varislər tərəfindən rədd edilməsindən qorxmaları üçün daha uyğundur. Allahdan qorxun və Onu eşidin! Allah günahkar toplumu doğru yola yönəltməz.
Bu ayə çox əhəmiyyətli bir hökmü ehtiva etmişdir. Bəzi təfsir alimləri bu ayənin hökmünün ləğv olunduğunu demişlər. Bu rəyi əl-Əufi Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmməd ibn Əbu Süleyman İbrahimdən nəql etmişdir ki, bu ayənin hökmü ləğv olunmuşdur. İbn Cərir demişdir: “Əksər alimlərin rəyinə görə isə bu ayənin hökmü ləğv olunmamışdır. Bu ayənin hökmünün ləğv olunduğunu iddia edənlər, bunu sübut etməlidirlər”.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin”. Ayədə keçən “iki ədalətli” ifadəsi şahidlərin vəsfidir və bu ifadə dəlalət edir ki, həmin iki şahid ədalətli olmalıdır. “İçinizdən”, yəni müsəlmanlardan, əksər alimlərin rəyi belədir. İbn Abbas (Allah ondan razı olsun) da ayədə “içinizdən” deyildikdə müsəlmanların nəzərdə tutulduğunu demişdir”. Bunu İbn Əbu Hatim rəvayət etmiş və demişdir: “Abidə (Abidə ibn Amr əs-Səlmani Məkkənin fəthi günü Yəməndə anadan olmuşdur. Tabiindir, Əli ibn Əbu Talib, İbn Məsud və digər səhabələrdən (Allah onlardan razı olsun) hədis eşitmişdir. Fiqh elmini mükəmməl mənimsəmiş və dəqiq hədis rəvayət edənlərdən biri olmuşdur. İbrahim ən-Nəxai, İbn Sirin, Abdullah ibn Sələmə və başqaları onun tələbələri olmuşlar. əş-Şabi demişdir: “Abidə Şureyhlə eyni dövrdə qazilik etmişdir”. (Bax: Siyər Aləmun-Nubələ, 4/41)., Səid ibn əl-Museyyib, əl-Həsən, Mucahid və başqalarından da belə rəvayət olunmuşdur”. (İbn Əbu Hatim, 6933). İbn Cərir demişdir: “Bəzi alimlər ayədə “içinizdən iki ədalətli kişi” deyildikdə vəsiyyət edənin ailəsindən iki kişinin nəzərdə tutulduğunu demişlər. Bu rəy İkrimə, Abidə və başqalarından da rəvayət edilmişdir”. (Sonra İbn Cərir bu rəyi rədd edərək bildirmişdir ki, Uca Allah ayədə “Ey iman gətirənlər!” deməklə, bütün möminlərə müraciət etmişdir. Uca Allahın ümumi olaraq müraciət etdiyi xitabı xüsusiləşdirmək üçün dəlil olmalıdır. Bununla yalnız dəlilə əsasən razılaşmaq olar”. İbn Cəririn dediyi bu söz yaxşı mülahizədir və güclü dəlildir. Bax: ət-Tabəri (11/157). (Əhməd Şakir). ət-Tabəri, 12894, 12945).
Uca Allah buyurur: “Səfərdə ikən başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan başqa iki kişini şahid tutun”. İbn Əbu Hatim rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “...özünüzdən olmayan başqa iki kişini şahid tutun” ayəsinin təfsirində demişdir: “Yəni müsəlmanlardan olmayan Kitab əhlindən iki kişini şahid tutun“. Sonra İbn Əbu Hatim demişdir: “Abidə, Şureyh, Səid ibn əl-Museyyib, Muhəmməd ibn Sirin, Mucahid, Səid ibn Cubeyr və başqalarından da oxşar təfsir rəvayət edilmişdir”. (İbn Əbu Hatim, 6934). İbn Cərir İkrimə və Abidədən rəvayət etmişdir ki, Uca Allahın “içinizdən iki ədalətli kişi” sözü ilə vəsiyyət edənin qəbiləsindən olanlar nəzərdə tutulur. Uca Allahın “...özünüzdən olmayan başqa iki kişini şahid tutun” sözü ilə isə vəsiyyət edənin qəbiləsindən olmayanlar nəzərdə tutulur. (ət-Tabəri, 12935-12937, 12986-12988).
Uca Allah buyurur: “Səfərdə ikən”, yəni səfərə çıxdığınız zaman, “başınıza ölüm müsibəti gəldikdə” – bu iki şərt möminlər olmadıqda zimmi kafirlərin şahidlik etmələrinin icazəli olması üçün labüddür. Bu şərtlərdən birincisi başına ölüm müsibəti gələn şəxs səfərdə olmalı, ikincisi isə şahidlik vəsiyyət məsələsində olmalıdır. Necə ki bunu Qadi Şureyh bildirmişdir. İbn Cərir Şureyhin belə dediyini rəvayət etmişdir: “Yəhudi və xaçpərəstin şahidliyi yalnız səfərdə icazəlidir. Həmçinin onlar səfərdə yalnız vəsiyyətə şahidlik edə bilərlər”. (ət-Tabəri (12911, 12912, 12925). (Əhməd Şakir). ət-Tabəri, 12976; İbn Əbu Şeybə, 22446, 22888; Abdur-Razzəq, 15538). Oxşar rəvayət Əhməd ibn Hənbəldən də nəql edilmişdir. Əhməd ibn Hənbəl bu məsələdə (digər üç məzhəb imamlarından) fərqli rəy bildirməklə, tək qaldığı mövzulardan biridir. Çünki diğər üç məzhəb imamları bu məsələdə ona qarşı çıxaraq bildirmişlər ki, zimmi kafirlərin heç bir halda müsəlmanlara şahidlik etməsi icazəli deyil. Əbu Hənifə isə Kitab əhlinin öz aralarında baş verən məsələlərdə şahidlik etmələrini icazəli görmüşdür. İbn Cərir əz-Zuhrinin belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ Sünnəsinə görə, istər səfərdə olsun, istər olmasın, kafirin şahidliyi icazəli deyil. Şahidlik etmək yalnız müsəlmanlara aiddir”. (ət-Tabəri, 12933, 12984). İbn Zeyd demişdir: “Bu ayə yanında müsəlman olmadığı halda, vəfat edən bir kişi barədə nazil olmuşdur. Bu hökm İslamın ilk dövrlərində qüvvədə idi. O zaman yer üzündə insanların hamısı İslama qarşı döyüşürdü və kafir idilər. O vaxt insanlar vəsiyyətlə bir-birlərinin varisi olurdular. Sonra vəsiyyətlə varis olmaq hökmü ləğv edildi və vacib olan miras payları təyin edildi. İnsanlar da bu qaydaya əməl etməyə başladılar”. (ət-Tabəri, 12931, 12982). Hədisi İbn Cərir rəvayət etmişdir, lakin bu rəvayət şübhəlidir. Ən doğrusunu isə Allah bilir.
İbn Cərir demişdir ki, təfsir alimləri Uca Allahın: “Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin” ayəsi barədə ixtilaf etmişlər. Burada nə nəzərdə tutulur: iki ədalətli şəxsə vəsiyyət edilməsi, yoxsa iki ədalətli şəxsin vəsiyyətə şahidlik etməsi? Bu məsələdə iki rəy var. Birinci rəyə görə, ayədə onlara vəsiyyət edilməsi nəzərdə tutulur. İkinci rəyə görə isə ayədə bu iki şəxsin vəsiyyətə şahid olması nəzərdə tutulur. Ayənin zahiri mənası da buna dəlalət edir. Əgər bu iki şəxslə birlikdə vəsiyyət ediləsi üçüncü bir şəxs yoxdursa, bu iki şəxs həm şahid, həm də vəsiyyət edilən şəxslər olur, eynilə Təmim əd-Dari və Adiyin hekayəsində olduğu kimi. Allahın izni ilə qarşıda bu barədə qeyd ediləcək. İbn Cərir qeyd edəcəyimiz hədisdə zimmi kafirlərin şahid tutulmasına şübhə ilə yanaşaraq demişdir: “Biz elə bir hökm bilmirik ki, orada şahidin and içməsi tələb olunsun”. Lakin bu hədis ayədə nəzərdə tutulan hökmü inkar etmir. Bu, müstəqil bir hökmdür və bu hökmü digər hökmlərlə müqayisə etmək vacib deyil. Çünki bu, xüsusi yerdə, xüsusi şahidliyə xas bir hökmdür. Bu məsələdə bəzi şeylər üzrlü sayılır, halbuki eyni şeylər başqa məsələlərdə üzr deyil. Əgər şübhə yaranarsa, ayədə bildirildiyi kimi, həmin şahid and içə bilər.
Uca Allah buyurur: “Əgər onlar barədə şübhəyə düşsəniz, namazdan sonra hər ikisini saxlayın”. İbn Abbas (Allah ondan razı olsun) ayənin təfsirində demişdir: “Yəni, Əsr namazından sonra”. Səid ibn Cubeyr, İbrahim ən-Nəxai, Qatədə və başqaları da belə demişlər. əz-Zuhri isə demişdir: “Yəni, müsəlmanların qıldıqları namazdan sonra”. əs-Suddi İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Burada iki şahidin öz dinlərinə görə icra edilən ibadət nəzərdə tutulur”. (Bu rəvayət “şəz” rəvayətdir (özündən daha səhih olan rəvayətlərə müxalifdir). Bu rəvayəti ət-Tabəri (12954) uzun bir hekayədə nəql etmişdir. Sonra isə bu rəvayəti qətiyyətlə rədd etmiş və bildirmişdir ki, ayədə namaz dedikdə, xitab olunanlar (yəni müsəlmanlar) arasında məşhur olan Əsr namazı nəzərdə tutulur. Peyğəmbər ﷺ qeyri-müsəlmanlardan andını gücləndirmək istəyənlərə məhz bu namazdan sonra and içməyi buyurardı. Bax: ət-Tabəri (11/176–177). (Əhməd Şakir). ət-Tabəri, 12953, 13004). Ayədə nəzərdə tutulan məna budur: “Əgər sizdə iki şahidin əmanətə xəyanət etməsi və ya hiylə işlətməsi barədə şübhə yaranarsa, qoy onlar insanların toplandığı camaat namazından sonra gəlsinlər və bu barədə Allahın adına and içərək desinlər: “Yaxın qohumların lehinə olsa belə, bu andı heç bir qiymətə satmarıq və Allahın şahidliyini giz-lətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”. Muqatil ibn Həyyan demişdir: “Yəni, axirəti fani və keçici dünyanın az bir malına dəyişmərik”. “Yaxın qohumların lehinə olsa belə”, yəni əleyhinə şahidlik edilən şəxs yaxın qohum olsa belə, ona tərəfdarlıq etmərik və “Allahın şahidliyini gizlətmərik”. Şahidlik məsələsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmək üçün Uca Allah şahidliyi Özünə nisbət etmişdir. Bəziləri ayənin bu son hissəsini شَهَادَةً اللهِ [şəhə:dətən Allahi] şəklində, yəni “Allah” kəlməsini and olaraq yiyəlik hala salmaqla oxumuşlar. Bu qiraəti İbn Cərir Amir əş-Şabidən nəql etmişdir. ([şəhə:dətən] شَهَادَةً sözünü tənvinli, اللهِ [Allahi] kəlməsini isə yiyəlik halda, yəni “Vallahi” və ya “Billəhi”. (Əhməd Şakir). Bəziləri isə bu hissəni شَهَادَةً اللهَ [şəhə:dətən Allahə] şəklində oxumuşlar. ([şəhə:dətən] شَهَادَةً sözünü tənvinli, اللهَ [Allahə] kəlməsini isə təsirlik halda. Yəni “Şahidliyimizi Allahdan gizlətmədik”. Bax: ət-Tabəri (11/178). (Əhməd Şakir). Lakin məşhur olanı birinci qiraətdir.
“Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”, yəni əgər biz şahidliyi təhrif edib dəyişsək və ya yerinə başqa bir şey qoysaq, yaxud hamısını gizlətsək, əlbəttə, günahkarlardan olarıq.
Uca Allah buyurur: “Əgər bu ikisinin yalandan şahidlik edərək günah iş tutduğu aşkara çıxsa”, yəni, əgər vəsiyyət edilən bu iki (qeyri-müsəlman) şahidin vəsiyyət edənin malından bir şeyi gizləyib saxladıqları və xəyanət etdikləri ortaya çıxar və bu yayılarsa, “o zaman onların yerini, haqsızlığa məruz qalmış varislərdən ölüyə daha yaxın olan iki kişi tutar”. Əksər qiraət alimləri ayəni bu şəkildə oxumuşlar. Yəni, əsaslı sübutlarla şahidlərin vəsiyyətə xəyanət etmələri dəqiqləşərsə, o zaman varislərdən ölənə daha yaxın, mirası almağa daha layiq olan iki nəfər onların yerinə keçər “və onlar: “And olsun ki, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur”, yəni bizim onların vəsiyyətə xəyanət etmələrinə şahidlik etməyimiz onların şahidliklərindən daha doğru, daha səhih və daha sabitdir “və biz heç kəsin haqqına təcavüz etmədik”, yəni onların vəsiyyətə xəyanət etdiklərini deməklə, həddi aşmadıq. “Əks halda biz, əlbəttə, zalımlardan olarıq”, – deyə Allaha and içərlər”, yəni əgər biz bu iki adamın əleyhinə yalan şahidlik etmiş olsaq, əlbəttə ki, zalımlardan olarıq. Bu and varislərə aiddir. Bu kimi vəziyyətdə onların sözü əsas götürülür. Necə ki ölən şəxsin yaxın qohumlarında qatil tərəfin əleyhinə sübut (Burada “sübut” dedikdə, ölən şəxsin ölüm ayağında: “Məni filankəs öldürdü”– deməsini təsdiq edən bir şahidin olması və ya iki şahidin onlar arasında düşmənçilik olduğuna və yaxud öləni təhdid etməsinə şahidlik etməsi kimi hallardır). olduğu təqdirdə ölən şəxsin yaxın qohumları qatilin onlar olduğuna dair and içər və qətldə ittiham olunan tərəfdən qanbahası alarlar. Bu mövzu təfsilatı ilə fiqh kitablarının “Qasəmə” (“Qasəmə” barədə “əl-Maidə” surəsinin 40-cı ayəsinin təfsirindəki qeydə bax). bölməsində verilmişdir.
Hədislər də bu ayənin mənasını təsdiqləyir. ət-Tirmizi İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Bənu Səhm qəbiləsindən olan bir müsəlman Təmim ibn Əus əd-Dari və Adiy ibn Bədda ilə birlikdə səfərə çıxmışdı. Nəhayət, gəlib müsəlmanların olmadığı bir diyara çatdıqda Səhm qəbiləsindən olan kişi vəfat etdi. Yoldaşları onun qoyub getdiyi mirası geri gətirdikləri zaman üzərinə qızıl örtük çəkilmiş gümüş camı itirdilər. Peyğəmbər ﷺ də onlara, həqiqətən də, camı itirdiklərinə dair and içməyi əmr etdi. Sonra bu cam Məkkədə tapıldı və onun sahibləri: “Biz bu camı Təmim və Adiydən satın almışıq”, – dedilər. Bu vaxt Səhm qəbiləsindən vəfat etmiş kişinin qohumlarından iki nəfər and içərək dedilər: “Sözsüz ki, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur və bu cam əvvəlki sahiblərinə – Bənu Səhm qəbiləsindən olan kişinin varislərinə çatmalıdır!” Bundan sonra onlar barədə bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin. Səfərdə ikən başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan başqa iki kişini şahid tutun...“. Hədisi Əbu Davud da rəvayət etmişdir. ət-Tirmizi sonra demişdir: “Bu, həsən-ğarib hədisdir”. (ət-Tirmizi (4/100-101); Əbu Davud (3606); əl-Buxari (5/307-309 Fəthul-Bari). əl-Hafiz İbn Kəsirin hədisi səhvən əl-Buxariyə nisbət etməməsi təəccüb doğurur. Hədisi həmçinin ət-Tabəri (12966) rəvayət etmişdir. ət-Tirmizi (4/100) və ət-Tabəri (12967) hədisi başqa – olduqca zəif bir isnadla uzun şəkildə rəvayət etmişlər. Birinci rəvayət səhihdir və dəlil sayılır. Bəzi alimlər Adiy ibn Bəddanı səhabələr sırasında qeyd etmişlər, lakin bu səhvdir. əl-Hafiz İbn Həcər “Fəthul-Bari” və “əl-İsabə” əsərlərində onun nəsrani olaraq öldüyünü bildirmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 3059, 3336. Hədisin isnadı zəifdir. Bax: Daif Sunən ət-Tirmizi, 586).
Bu hadisə bir çox tabiinlərdən mursəl (Mursəl: Bu kəlmə ( مُرْسَلٌ ) ərəbcə “ərsələ” ( أرْسَلَ ) felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu söz “göndərilmiş”, “yollanmış” və s. mənaları ifadə edir (Mucəmul-Vasit, səh. 344). İstilahi mənada isə bu, o hədisdir ki, isnadının sonunda tabiindən sonra gələn (Peyğəmbərlə ﷺ tabiin arasında olan) ravi buraxılmışdır (Tədrib ər-Ravi, 1/167; Təysir Mustələh əl-Hədis, səh. 71). olaraq rəvayət edilmişdir. Bunlar arasında İkrimə, Muhamməd ibn Sirin və Qatədə var. Onlar bu andın Əsr namazından sonra olduğunu bildirmişlər. Bunu İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (12911, 12912, 12925). Onun rəvayəti digər iki rəvayətdən daha uzundur. (Əhməd Şakir). Həmçinin Mucahid, əl-Həsən və əd-Dahhəkdən də bu hadisə mursəl olaraq rəvayət edilmişdir. Bu da hadisənin sələf alimləri arasında məşhur olmasına və səhihliyinə dəlalət edir.
İbn Cəririn əş-Şabidən rəvayət etdiyi bu hadisə də əvvəl qeyd etdiyimiz hədisin səhihliyinə dəlalət edir. əş-Şabi demişdir: “Bir dəfə müsəlman bir kişini Dəquqa adlanan yerdə ölüm haqladı. Lakin kişi ölərkən yanında vəsiyyətinə şahidlik edəcək bir müsəlman tapa bilmədi. Odur ki, Kitab əhlindən iki kişini vəsiyyətinə şahid tutdu. Bu iki kişi Kufəyə gəlib Əbu Musa əl-Əşariyə olanları xəbər verdilər, vəfat edənin qoyub getdiyi malları və vəsiyyətini çatdırdılar. Əbu Musa əl-Əşari dedi: “Peyğəmbərin ﷺ dövründə baş verəndən bəri belə bir hadisə hələ baş verməmişdi”. Əbu Musa əl-Əşari bu iki kişini Əsr namazından sonra saxlayıb xəyanət etmədiklərinə, yalan danışmadıqlarına, vəsiyyəti dəyişmədiklərinə, vəsiyyətdən heç nəyi gizlətmədiklərinə, gətirdikləri vəsiyyətin və malın vəfat edənə aid olduğuna dair Allaha and içdirdi. Bundan sonra Əbu Musa onların şahidliyini qəbul etdi”. İbn Cərir eyni hadisəni əş-Şabidən başqa bir isnadla da rəvayət etmişdir. Bu hadisədə Əbu Musanın (Allah ondan razı olsun) onların şahidliyinə əsasən hökm verdiyi bildirilir. əş-Şabinin Əbu Musadan nəql etdiyi hər iki rəvayətin isnadı səhihdir. (ət-Tabəri (12926, 12927, 12935, 12948); Əbu Davud (3605). Dəquqa – İraqda Ərbillə Bağdad arasında yerləşən yer adıdır. (Əhməd Şakir). ət-Tabəri, 12977. Hədisin isnadı səhihdir. Bax: Səhih və Daif Əbu Davud, 3605). Əbu Musa: “Peyğəmbərin ﷺ dövründə baş verəndən bəri belə bir hadisə hələ baş verməmişdi”– deməklə (doğrusunu Allah bilir), Təmim və Adiy ibn Bəddanın hadisəsini nəzərdə tutmuşdur. Bilindiyi kimi, Təmim ibn Əus əd-Darinin İslamı qəbul etməsi hicrətin doqquzuncu ilinə təsadüf edir. Buna görə də bu hökm İslamın son illərində olmuşdur və onun ləğv olduğunu deyənlər bu barədə açıq-aydın bir dəlil gətirməlidirlər. Doğrusunu isə Allah bilir.
İbn Cərir İbrahim və Səid ibn Cubeyrin bu ayə barədə belə dediklərini rəvayət etmişdir: “Bir insanı səfərdə ikən ölüm haqlayarsa, qoy ölməmişdən əvvəl iki müsəlman kişini (vəsiyyətinə) şahid tutsun. Əgər iki müsəlman kişi tapa bilməsə, Kitab əhlindən iki kişini şahid tutsun. Qeyri-müsəlmanlardan olan bu iki kişi vəfat edənin tərk etdiyi mirası gətirdikdə, varislər onların doğru söylədiklərini qəbul edərlərsə, sözlərinə etibar edilər. Əgər ölənin varisləri onları yalan danışmaqda ittiham edərlərsə, Əsr namazından sonra onlara and içdirilər və onlar andlarında: “Allaha and içirik ki biz mirasdan heç nə gizlətmədik, yalan danışmadıq, xəyanət etmədik və vəsiyyəti dəyişdirmədik”– deyərlər”. (ət-Tabəri (12952). (Əhməd Şakir). ət-Tabəri, 13003).
Abdullah ibn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Əgər qeyri-müsəlmanlardan olan iki şahidin dediklərinə şübhə edilərsə, namazdan sonra tələb edilir ki, onlar: “Biz şahidliyimizi az bir dəyərə dəyişmədik”, – deyə and içsinlər. Əgər ölənin yaxın qohumları bu iki kafirin şahidliklərində yalan danışdıqlarına əmin olsalar, qohumlardan iki kişi qalxıb: “Bu iki kafirin şahidliyi batildir və biz belə deməklə, onlara qarşı həddi aşmadıq”, – deyə Allaha and içərlər. Uca Allahın: “Əgər bu ikisinin yalandan şahidlik edərək günah iş tutduğu aşkara çıxsa” ayəsinin mənası budur. Yəni, kafirlərin yalan danışdıqları ortaya çıxarsa, “o zaman onların yerini haqsızlığa məruz qalmış varislərdən ölüyə daha yaxın olan iki kişi tutar”, yəni ölənin ailəsindən iki kişi Allaha and içərək: “Kafirlərin şahidliyi batildir və biz həddi aşmadıq”, – deyərlər. Beləcə, kafirlərin şahidliyi rədd edilər və ölənin qohumlarının şahidliyi etibarlı sayılar”. Bu təfsiri İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (12961). (Əhməd Şakir). ət-Tabəri, 13011). Bir çox tabiin və sələf alimləri də bu ayənin hökmünə uyğun fətva vermişlər. İmam Əhmədin məzhəbi də budur.
Uca Allah buyurur: “Bu hökm, onların şəhadəti olduğu kimi vermələri”, yəni zimmi şahidlərdən şübhə duyularsa, onlara bu şəkildə and içdirmək hökmü şahidliyin arzu olunan tərzdə yerinə yetirilməsi üçün ən münasib üsuldur, “yaxud andlarından sonra bu andların varislər tərəfindən rədd edilməsindən qorxmaları üçün daha uyğundur”, yəni onları şahidliyi olduğu kimi çatdırmağa vadar edən səbəblərdən biri də onların Allaha and içməyə hörmət göstərib ona riayət etmələri və insanlar arasında rüsvay olmaqdan qorxmalarıdır. Belə ki, əgər onların andları ölənin varisləri tərəfindən rədd olunarsa, varislər and içməklə layiq olduqları haqqı alarlar. Bu səbəbdən Uca Allah: “...yaxud andlarından sonra bu andların varislər tərəfindən rədd edilməsindən qorxmaları üçün daha uyğundur”– buyurur. Sonra Uca Allah buyurur: “Allahdan qorxun”, yəni bütün işlərinizdə Allahdan qorxun, “və Onu eşidin!”, yəni Allaha itaət edin. “Allah günahkar toplumu doğru yola yönəltməz”, yəni Allah Ona itaətdən, Onun şəriətinə tabe olmaqdan boyun qaçıranları doğru yola yönəltməz.
əl-Maidə, 109
يَوْمَ يَجْمَعُ اللَّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ قَالُوا لَا عِلْمَ لَنَا إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ
109. Allah peyğəmbərləri toplayacağı gün deyəcək: “Sizə nə cavab verildi?” Onlar isə: “Biz heç nə bilmirik. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyə cavab verəcəklər.
Uca Allah bu ayədə bildirir ki, O, Qiyamət günü Öz peyğəmbərlərinə xitab edəcək və peyğəmbərlərindən ümmətlərinin onların dəvətinə nə cavab verdikləri barədə soruşacaq. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq” (“əl-Əraf”, 6). Həmçinin buyurur: “Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – törətdikləri əməllər barəsində” (“əl-Hicr”, 92-93). Mucahid, əl-Həsən əl-Bəsri və əs-Suddi peyğəmbərlərin: “Biz heç nə bilmirik” cavabı barədə belə demişlər: “Peyğəmbərlər o günün dəhşətindən qorxub belə deyəcəklər”. Sözsüz ki, bu, gözəl sözdür və peyğəmbərlərin öz Rəbblərinə qarşı olan ədəbini göstərir. Yəni, Sənin hər şeyi əhatə edən elminə nisbətdə bizim elmimiz yoxdur. Onların bizim dəvətimizə cavab vermələri və bizim də dəvətimizi qəbul edənləri tanımağımız bizi yalnız onların zahirlərindən xəbərdar edər. Qəlblərində olanları isə biz bilmərik. Sən isə hər şeyi bilirsən və hər şeydən xəbərdarsan. Sənin elminə nisbətdə bizim elmimiz yox kimidir, “Şübhəsiz ki, qeybləri bilən Sənsən!”
əl-Maidə, 110-111
إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَى وَالِدَتِكَ إِذْ أَيَّدْتُكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنْفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوْتَى بِإِذْنِي وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنْكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَذَا إِلَّا سِحْرٌ مُبِينٌ * وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
110. O zaman Allah buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldiyin zaman onlardan kafir olanları: “Bu, ancaq açıq-aydın bir sehrdir”– dedikdə və səni öldürmək istədikdə Mən onları səndən dəf etmişdim.
111. Bir zaman Mən həvarilərə: “Mənə və rəsuluma iman gətirin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!”– demişdilər.
Uca Allah bu ayədə qulu və elçisi Məryəm oğlu İsaya (ona salam olsun) lütf etdiyi nemətləri xatırladır. Uca Allah onun əli ilə göstərdiyi möcüzələri və xariqüladə hadisələri zikr edərək belə buyurur: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla!”, yəni səni atasız, yalnız anadan yaratmağımı və sənin yaradılışını hər şey üzərində qüdrətimin kamilliyinə açıq-aşkar sübut və qəti dəlil etməyimi xatırla “və anana olan nemətimi xatırla!”, zalımların və cahillərin ona atdıqları zinakarlıq böhtanından onu təmizə çıxarmaq üçün səni bir dəlil etdik. “O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim”, müqəddəs ruh dedikdə, Cəbrail nəzərdə tutulur. Yəni həm uşaq ikən, həm də böyüdükdə səni Allaha çağıran bir peyğəmbər etdim. Hələ beşikdə körpə bir uşaq ikən səni danışdırdım və sən ananın hər cür eyibdən uzaq olduğuna şahidlik etdin. Sən Mənim qulum olduğunu etiraf etdin, insanlara sənə verdiyim peyğəmbərlik risalətini xəbər verdin və onları yalnız Mənə ibadət etməyə çağırdın. Bu səbəbdən Uca Allah: “Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın”– buyurur. Yəni, sən həm uşaq ikən, həm də böyük ikən insanları Allaha çağırırdın. Ayədə “danışmaq” feili “dəvət etmək” mənasındadır, çünki onun böyük ikən danışması heç də qeyri-adi bir hadisə deyil.
Uca Allah buyurur: “Sənə yazmağı, hikməti...”, yəni yazmağı və başa düşməyi, “Tövratı və İncili öyrətmişdim”. Tövrat Uca Allahın vasitəsiz danışdığı peyğəmbəri Musa ibn İmrana (ona salam olsun) nazil etdiyi kitabdır. “Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib”, yəni sən Mənim sənə verdiyim izinlə palçığı quş surətinə salır və “ona üfürürdün, o da Mənim iznimlə quş olurdu”, yəni palçıqdan düzəltdiyin həmin surətə üfürər, o də Allahın izni və xəlq etməyi sayəsində canlı bir quş olardı.
Uca Allah buyurur: “Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır...”. Bu barədə “Ali-İmran” surəsinin təfsirində açıqlama verildiyi üçün burada təkrar qeyd olunmasına ehtiyac duymuruq. (“Ali-İmran” surəsinin 49-cu ayəsinin təfsirində keçmişdir). “...və Mənim iznimlə ölüləri dirildirdin”, yəni sən ölüləri çağırırdın və onlar Allahın izni, qüdrəti, iradəsi və istəyi ilə qəbirlərindən qalxırdılar. (əl-Hafiz İbn Kəsir burada İbn Əbu Hatimin Əbu əl-Huzeyldən (Ğalib ibn Əbu əl-Huzeyl əl-Əudi) rəvayət olunan bir hekayə qeyd etmişdir. Hekayənin məzmunu belədir: “İsa ölüləri diriltmək istədikdə iki rükət namaz qılardı. Namazın birinci rükətində “əl-Mulk”, ikinci rükətində isə “əs-Səcdə” surələrini oxuyardı. Sonra Allaha bu adları ilə (adları qeyd etmişdir) dua edərdi”. əl-Hafiz İbn Kəsir bu hekayəni qeyd etdikdən sonra demişdir: “Bu, çox qəribə bir hekayədir”. əl-Əzhəriyyə əlyazmasında belə yazılmışdır. Çap olunmuş nüsxədə isə: “Bu, əzəmətli hekayədir” yazılmışdır. Bu isə hekayənin özündən daha təəccüblüdür. Məncə, İbn Kəsir bu hekayə barədə: “Bu, çox qəribə bir hekayədir”– demişdir.
Hər bir halda bu hekayə uydurulmuş yalan hekayədir. Məgər Quran Muhəmmədə ﷺ nazil olmamışdan əvvəl İsaya nazil olmuşdur?! Sözsüz ki, ağlı başında olan müsəlman belə deməz. Yəqin ki, İbn Kəsir bunu səhvən İbn Əbu Hatimdən nəql etmişdir. Yaxşı olardı ki, bu rəvayəti nəql etməsin. Bu hekayəni qeyd etməyi məsləhət görmədik, lakin hekayənin halına işarə etdik ki, İbn Kəsirdən rəvayət olunmasına arxayın olub hekayənin səhih olması barədə düşünülməsin. (Əhməd Şakir).
Uca Allah buyurur: “Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldiyin zaman onlardan kafir olanları: “Bu, ancaq açıq-aydın bir sehrdir”– dedikdə və səni öldürmək istədikdə Mən onları səndən dəf etmişdim”, yəni səni İsrail oğullarından qorumaqla, sənə verdiyim nemətimi xatırla! Sən onların yanına peyğəmbərliyini və Allah tərəfindən elçi göndərildiyini sübut edən rədd edilməsi mümkün olmayan hüccət və dəlillərlə gəldikdə, onlar səni yalançı saydılar, səni cadugərlikdə ittiham etdilər, səni öldürməyə və asmağa çalışdılar. Mən səni onlardan qurtardım, səni Öz dərgahıma yüksəltdim, səni onların pisliklərindən təmizlədim və səni onların şərindən qorudum. Bu onu göstərir ki, Allahın İsaya bu nemətləri xatırlatması, onu dünya səmasına yüksəltdikdən sonra olmuşdur. Yaxud, bu nemətləri xatırlatmaq Qiyamət günü baş verəcəkdir. Uca Allah bunu keçmiş zamanda ifadə etmişdir ki, mütləq baş verəcəyini bildirsin. Bu, Uca Allahın Peyğəmbəri Muhəmmədə ﷺ bildirdiyi qeybi işlərdəndir. Allahın salavatı və salamı onun üzərinə olsun!
Uca Allah buyurur: “Bir zaman Mən həvarilərə: “Mənə və rəsuluma iman gətirin!”– deyə vəhy etmişdim”. Bu, Uca Allahın İsaya (ona salam olsun) xatırlatdığı başqa bir nemətidir, belə ki, ona yoldaşlar və köməkçilər seçmişdir. Sonra təfsir alimləri bildirmişlər ki, burada “vəhy etmək” dedikdə, ilham vəhyi nəzərdə tutulur. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə, çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”, – deyə vəhy etdik” (“əl-Qəsəs”, 7). Bu ayədə Uca Allah Musanın anasına qorxmamağı ilham etmişdir. Başqa bir ayədə isə belə buyurur: “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır” (“ən-Nəhl”, 68-69). Bəzi sələf alimləri bu ayə barədə də eyni sözü demişlər. “Bir zaman Mən həvarilərə: “Mənə və rəsuluma iman gətirin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!”– demişdilər”, yəni Uca Allah həvarilərə ilham etmiş, onlar da ilham olunmuş əmrə tabe olmuşlar. əl-Həsən əl-Bəsri demişdir: “Uca Allah həvarilərə bu cür ilham etmişdir”. əs-Suddi isə demişdir: “Uca Allah bunu onların ürəklərinə salmışdır”.
əl-Maidə, 112-115
إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَنْ يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ قَالَ اتَّقُوا اللَّهَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ * قَالُوا نُرِيدُ أَنْ نَأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَنْ قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ * قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ * قَالَ اللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ فَمَنْ يَكْفُرْ بَعْدُ مِنْكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لَا أُعَذِّبُهُ أَحَدًا مِنَ الْعَالَمِينَ
112. Bir zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən yeməklə dolu bir süfrə endirə bilərmi?” O da onlara: “Əgər möminsinizsə, Allahdan qorxun!”– demişdi.
113. Onlar dedilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq”.
114. Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”
115. Allah buyurdu: “Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kim küfr edərsə, ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”.
Bu ayə süfrə hadisəsini açıqlayır və surə də bu hadisəyə nisbət olunaraq “əl-Maidə” (Süfrə) surəsi adlanır. Uca Allah bu ayədə qulu və elçisi İsaya (ona salam olsun) lütf etdiyi nemətini xatırladır. İsa Uca Allaha dua edərək onlara bir süfrə endirməsini istədikdə Allah onun duasını qəbul etmiş, rədd edilməsi mümkün olmayan hüccət və açıq-aşkar bir möcüzə olaraq bu süfrəni ona endirmişdir. Bəzi alimlər süfrə hekayəsinin İncildə zikr edilmədiyini demişlər. Xaçpərəstlər bu hadisədən xəbərdar deyildilər. Onlar bu hadisəni müsəlmanlardan öyrənmişlər. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Bir zaman həvarilər demişdilər”. Həvarilər İsanın davamçılarıdır. “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən yeməklə dolu bir süfrə endirə bilərmi?” Əksər qarilər bu ayəni هَلْ يَسْتَطِيعُ رَبُّكَ [həl yəstəti:u Rabbukə] “Rəbbin... endirə bilərmi?” kimi oxumuşlar. Bəzi qarilər isə ayəni هَلْ تَسْتَطِيعُ رَبَّكَ [həl təstəti:u Rabbəkə] şəklində oxumuşlar. (Bu qiraət əl-Kisəiyə aiddir. Yerdə qalan yeddi qari birinci qiraətlə oxumuşlar. (Əhməd Şakir). Yəni, “Rəbbindən bizə göydən yeməklə dolu bir süfrə endirməsini istəyə bilərsənmi?”
Maidə – üzərində yemək olan süfrəyə deyilir. Bəzi təfsir alimlərinin verdikləri izaha görə, həvarilər ehtiyac içində olduqları üçün İsadan hər gün onlara bir süfrə endirməsi üçün Allaha dua etməsini istəmişlər. Bu süfrədən yeyərək, güc toplayıb Allaha ibadət etmək istədiklərini bildirmişlər. İsa onlara dedi: “Əgər möminsinizsə, Allahdan qorxun!” Yəni, İsa Məsih onların bu istəklərinə belə cavab verdi: “Allahdan qorxun və bunu istəməyin. Olar bilər ki, bu süfrə sizin üçün fitnəyə səbəb olsun. Əgər möminsinizsə, ruzi əldə etməkdə Allaha təvəkkül edin”. “Onlar dedilər: “Biz istəyirik ki, ondan yeyək, ...”, yəni bizim bu süfrədən yeməyə ehtiyacımız var, “qəlblərimiz rahat olsun, ...”, yəni bu süfrənin göydən bizə bir ruzi olaraq endiyini görsək, qəlblərimiz rahat olar, “bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq”, yəni sənə imanımız və peyğəmbərliyinə yəqinliyimiz artsın “və o möcüzəyə şahidlik edənlərdən olaq”, yəni bunun Allah dərgahından bir ayə olduğuna, sənin peyğəmbərliyinə və gətirdiyin dinin doğruluğuna bir hüccət, bir dəlil olduğuna şahidlik edək.
Uca Allah buyurur: “Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram...”. əs-Suddi demişdir: “Yəni, süfrə nazil olan o günü təzim edilən və bizdən sonrakıların hörmət edəcəyi bir bayram günü edək”. Sufyan əs-Səuri demişdir: “Yəni o gündə namaz qılaq”. Qatədə isə demişdir: “Onlar bu günün sonrakı nəsillər üçün bayram olmasını istəmişlər”. “Səndən bir möcüzə olsun”, yəni bu süfrə Sənin hər şeyə qadir olduğuna və mənim duamı qəbul etməyinə bir dəlil olsun. Beləcə, Sənin mənə vəhy etdiklərini onlara çatdıqdıqda mənim dediklərimi təsdiqləsinlər. “Bizə ruzi ver”, yəni bizə Öz dərgahından zəhmətsiz, məşəqqətsiz rahat bir ruzi ver. “Sən ruzi verənlərin ən yaxşısısan!”
“Allah buyurdu: “Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kim küfr edərsə, ...”, yəni ey İsa, sənin ümmətindən kim bu neməti inkar etsə və inadkarlıq göstərsə, “ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”, yəni sizin yaşadığınız aləmlərdən heç kimə vermədiyim bir əzabı ona verəcəyəm. Bu ayə Uca Allahın bu ayələrinə bənzəyir: “Onları (Fironun nəslini) səhər-axşam oda salırlar. Qiyamət saatı gələcəyi gün isə Firon nəslini ən şiddətli əzaba salın!” (“Ğafir”, 46). “Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən” (“ən-Nisa”, 145). İbn Cərir Əuf əl-Arabi vasitəsilə Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Üç sinif insan var ki, Qiyamət günü ən şiddətli əzaba onlar düçar olacaqlar. Bunlar: münafiqlər, süfrə nazil olduqda ona inanmayanlar və Fironun nəslidir”. (ət-Tabəri (13025). Hədisin isnadı səhihdir. Lakin bu hədis Abdullah ibn Amr ibn əl-Asın sözüdür. (Əhməd Şakir). ət-Tabəri, 13078).
İsanın həvarilərinə enən süfrə barədə rəvayət olunan hədislər:
İbn Əbu Hatim Əmmar ibn Yasirdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Həvarilərə göydən enən süfrədə ət və çörək var idi. İsa onlara əmr etmişdi ki, yeməkdən növbəti günə bir şey saxlamasınlar və xəyanət etməsinlər. Onlar isə xəyanət edərək yeməyin bir hissəsini götürüb saxladılar. Bu səbəbdən donuzlara və meymunlara çevrildilər”. Eyni hədisi İbn Cərir də rəvayət etmişdir. (ət-Tabəri (13012). Eyni hədisi İbn Cərir Əmmarın sözü olaraq da rəvayət etmişdir (13014). ət-Tirmizi (4/102) də hədisi həm Peyğəmbərdən ﷺ, həm də Əmmardan (Allah ondan razı olsun) rəvayət etmiş və səhabəyə nisbət olunmasının daha doğru olduğunu bildirmişdir. Sonra demişdir: “Hədisin Peyğəmbərə ﷺ nisbət olunduğunu bilmirik”. Doğru olan da onun dediyi kimidir. (Əhməd Şakir). İbn Əbu Hatim, 7022; ət-Tabəri, 13067; ət-Tirmizi, 3061, 3338. Hədisin isnadı zəifdir. Bax: Mişkətul-Məsabih, 5150).
[Sonra İbn Kəsir süfrənin enməsi barədə bir çox hədislər və hekayələr rəvayət etmişdir, lakin bu hədislərin Peyğəmbərdən ﷺ rəvayət olunması səhih deyil. Odur ki, bu hədisləri burada qeyd etmədik. Sonra İbn Kəsir demişdir:]
Bütün bu rəvayətlər dəlalət edir ki, Məryəm oğlu İsanın zamanında İsrail oğullarına süfrə enmişdir və bu, Uca Allah İsanın duasını qəbul etdiyi üçün baş vermişdir. Əzəmətli Quranın: “Mən onu sizə endirəcəyəm...” ayəsinin zahiri mənası da bunu bildirir.
Bəziləri isə süfrənin enmədiyini demişlər. Bu rəy Mucahiddən nəql edilir. O demişdir: “Bu, Uca Allahın çəkdiyi bir məsəldir. Heç bir süfrə endirilməmişdir”. Bu rəvayəti İbn Əbu Hatim və İbn Cərir nəql etmişlər. əl-Həsənin də: “Süfrə endirilməmişdir” dediyi rəvayət edilir. Mucahid və əl-Həsəndən nəql olunan rəvayətlərin isnadları səhihdir. (ət-Tabəri (13019, 13021). (Əhməd Şakir). İbn Əbu Hatim, 7033; ət-Tabəri, 13072, 13074). Həmçinin xaçpərəstlərin kitablarında süfrə barədə məlumatın olmaması və onların belə bir hadisədən xəbərsiz olmaları bu rəyi daha da gücləndirir. Əgər süfrə enmiş olsaydı, xaçpərəstlər bir çox şəkildə onu nəql edərdilər, onların kitablarında bu hadisə yer alardı və bir nəfər olsa belə, bu rəvayəti nəql edərdi. Ən doğrusunu isə Allah bilir. (Mucahid və əl-Həsəndən rəvayət olunun bu rəy səhvdir. Bu rəyi deyənlər səhih dəlilə əsaslanmamış və səhv etmişlər. Bu, yalnız onların rəyidir.
İbn Kəsirin xaçpərəstlərin bu barədə məlumatlarının olmamasını əsas gətirərək bu rəyi gücləndirməsi zəif və dəlilə əsaslanmayan sözdür. İbn Kəsirin həmin rəyi bu şəkildə gücləndirməsi doğru deyil. Daha sonra İbn Kəsir bu rəyin zəif olduğunu demiş və Quranda da deyildiyi kimi, süfrənin endiyini bildirmişdir. Xaçpərəstlərin kitablarında bu barədə məlumatın olmamasına əsaslanmaq batil sözdür. Xaçpərəstlərin kitablarında olmadığını əsas gətirərək Quranın zikr etdiyi bir şeyi inkar etmək təhrif olunmuş bu kitabların Quranı qoruduğunu iddia etməkdir. Müsəlman insan belə bir şeyi iddia edə bilməz.
Həmçinin Quranda zikr olunduğu halda, xaçpərəstlərin kitablarında bildirilməyən hadisə tək süfrənin enməsi hadisəsi deyil. İsanın (ona salam olsun) beşikdə ikən danışmasını Quran açıq-aydın bildirdiyi halda, xaçpərəstlərin kitablarında bu barədə məlumat yoxdur. Buradan aydın olur ki, heç bir şübhə olmadan Quranda olanlar haqdır, ona müxalif olan məlumatlar isə batildir. (Əhməd Şakir). Lakin əksər alimlərin rəyinə görə, süfrə endirilmişdir. İbn Cərir də bu rəyə üstünlük verərək demişdir: “Çünki Uca Allah: “Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kim küfr edərsə, ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm” buyurmaqla, süfrənin endiriləcəyini bildirmişdir. Uca Allahın vədi də, əzabı da haqdır və doğrudur”.
Bu rəy – Allah ən doğrusunu bilir – düzgün olan rəydir. Sələflərdən nəql edilən hədis və rəvayətlər də buna dəlalət edir. Tarixçilər qeyd etmişlər ki, Bəni Umeyyənin Məğrib ölkəsini (Mərakeşi) fəth etməyi tapşırdığı Musa ibn Nuseyr Məğribdə bu süfrəni inci və ləlcəvahiratla bəzədilmiş halda tapmış və möminlərin əmiri, Dəməşq məscidinin banisi Vəlid ibn Abdul-Məlikə xəbər göndərərək bunu Şama gətirmək istədiyini bildirmişdir. Lakin Musa ibn Nuseyr yolda olarkən Vəlid vəfat etdi. O da süfrəni Vəlidin qardaşı və ondan sonra xəlifə olan Suleyman ibn Abdul-Məlikə təqdim etdi. İnsanlar bu süfrənin üzərindəki nəfis yaqut və ləlcəvahiratları gördükdə heyrətə gəldilər. Deyilənə görə, bu süfrə Davud peyğəmbərin oğlu Süleymana (ona salam olsun) aid olub. Ən doğrusunu isə Allah bilir.
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, qureyşlilər Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Bizim üçün Rəbbinə dua et ki, Səfa dağını qızıla döndərsin. Əgər o, qızıla dönsə, biz sənə iman gətirərik”. Peyğəmbər ﷺ dedi: “Dediyinizi edəcəksinizmi?” Onlar: “Bəli”, – deyə cavab verdilər. (Peyğəmbər ﷺ Rəbbinə dua etdikdə) Cəbrail gəlib dedi: “Rəbbin sənə salam söyləyir və buyurur: “İstəyirsənsə, Səfa dağını onlar üçün qızıla çevirim, lakin bundan sonra aralarından kafir olanlara aləmlərdən heç bir kəsə vermədiyim əzabı verəcəyəm. Yaxud istəyirsənsə, onlar üçün tövbə və rəhmət qapısını açım”. Peyğəmbər ﷺ dedi: “Ey Rəbbim, tövbə və rəhmət qapısını onların üzünə aç!” Hədisi İbn Mərdəveyh və əl-Hakim rəvayət etmişlər. (Əhməd (2166, 2323); əl-Hakim (2/314). əl-Hakim demişdir: “Hədis, Muslimin şərtinə görə, səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi onunla razılaşmışdır. İbn Kəsir bu hədisi “əl-İsra” surəsinin 59-cu ayəsinin təfsirində də qeyd edəcək. Həmçinin “ət-Tarix” (3/52) əsərində də iki isnadla qeyd etmiş və demişdir: “Bu iki isnad yaxşıdır”. (Əhməd Şakir). Əhməd, 2058, 2166, 2203. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3388).
əl-Maidə, 116-118
وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَهَيْنِ مِنْ دُونِ اللَّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِنْ كُنْتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ * مَا قُلْتُ لَهُمْ إِلَّا مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي كُنْتَ أَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ * إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
116. Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!
117. Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən.
118. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!”
Bu ayə də Uca Allahın qulu və elçisi Məryəm oğlu İsaya (ona salam olsun) müraciətidir. Uca Allah Qiyamət günü İsanı və anasını Allahdan başqa iki ilah qəbul edənlərin hüzurunda Məryəm oğlu İsaya (ona salam olsun) belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” Bu, Qiyamət günü xaçpərəstləri şahidlərin hüzurunda təhdid etmək, qorxutmaq və məzəmmət etməkdir. Qatədə və digərləri belə demişlər. Qatədə bu xitabın Qiyamət günü olacağına Uca Allahın: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür!” (“əl-Maidə”, 119) sözünü dəlil gətirmişdir. əs-Suddi isə demişdir: “Bu xitab və cavab dünyada (Qiyamətdən əvvəl) baş vermişdir”. İbn Cərir demişdir: “Doğru olan da budur. Uca Allah İsanı dünya səmasına qaldırdığı zaman belə deyəcəkdir”. İbn Cərir bu rəyə iki baxmadan dəlil gətirmişdir. Birincisi: ayə keçmiş zamandadır. İkincisi isə: İsanın ayədə: “Əgər onlara əzab versən, ...”, “Əgər onları bağışlasan, ...” deməsidir. Lakin hər iki dəlili bir daha nəzərdən keçirmək lazımdır, çünki Qiyamət günü ilə əlaqəli bir çox ayələr keçmiş zaman formasında verilmişdir ki, hadisənin mütləq baş verəcəyini göstərsin. İsa: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” deməklə, bu hadisələrin Allahın istəyi ilə baş verdiyini, özünün isə onlardan uzaq olduğunu bildirmək istəmişdir. Onun bu cümləni şərt formasında deməsi, heç də hadisənin artıq baş verməsi anlamına gəlmir. Çünki buna bənzər bir çox ayələr var. Qatədə və başqalarının dediyi rəy daha doğrudur. Bu hadisə Qiyamət günü baş verəcək və Qiyamət günü şahidlərin qarşısında xaçpərəstlər təhdid edilib məzəmmət olunacaqlar. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz”. Bu, İsanın ədəblə mükəmməl cavab verməyə müvəffəq olmasıdır. İbn Əbu Hatim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, İsaya sualları gözəl şəkildə cavablandırmaq bacarığı verilmişdi. Uca Allah İsadan: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub, məni və anamı iki məbud qəbul edin!”– demişdin?”– soruşduqda onu: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!” deməklə sualı gözəl şəkildə cavablandırmağa müvəffəq etdi. Əbu Hureyra bunu Peyğəmbərdən ﷺ rəvayət etmişdir. (İbn Əbu Hatimin isnadı səhihdir. Hədisi ət-Tirmizi (2/102-103) eyni isnadla rəvayət etmiş və demişdir: “Həsən-səhih hədisdir”. əs-Suyuti hədisi (2/349) qeyd etmiş və əlavə olaraq ən-Nəsəinin “Sunən əl-Kubra” əsərinə, Əbu əş-Şeyxə, İbn Mərdəveyhə və əd-Deyləmiyə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 7052; ət-Tirmizi, 3340. Hədisin isnadı səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3062).
Uca Allah buyurur: “Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin”, yəni ey Rəbb, əgər mən belə bir söz işlətmiş olsaydım, şübhəsiz, Sən onu bilərdin. Çünki mənim dilimlə dediyim, qəlbimdən keçirdiyim və ya gizlətdiyim heç bir şey Sənə gizli deyil. “Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”
Uca Allah buyurur: “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm”, yəni mən yalnız onlara, Sən tərəfdən peyğəmbər olaraq göndərildiyimi demişəm və əmr etdiyin şeyləri təbliğ etmişəm. “Nə qədər ki onların arasında idim, mən onlara şahid idim”, yəni mən onların aralarında olduğum müddətdə onların etdikləri əməllərə şahid idim. “Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən”.
Əbu Davud ət-Tayəlisi İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir gün Peyğəmbər ﷺ bizim aramızda ayağa qalxıb moizə verdi və moizəsində belə dedi: “Ey insanlar! Həqiqətən, siz Qiyamət günü ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız. “O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi, yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik” (“əl-Ənbiya”, 104). Əyninə paltar geyindirilən ilk şəxs İbrahim olacaq. Həmin vaxt səhabələrimdən bəzilərini sol tərəfə aparacaqlar. Mən (onların atəşə doğru aparıldığını görüb): “Səhabələrim, səhabələrim!”– deyəcəyəm. Mənə: “Onların (Burada Peyğəmbərin ﷺ vəfatından sonra dindən dönmüş müsəlmanlar nəzərdə tutulur). səndən sonra nələr etdiklərini bilmirsən”– deyiləcək. Onda mən əməlisaleh bir qulun dediyi kimi deyəcəyəm: “Nə qədər ki onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” Sonra mənə deyiləcək: “Sən onları qoyub getdiyin gündən sonra onlar mürtəd oldular”. Hədisi əl-Buxari də rəvayət etmişdir. (Musnəd ət-Tayəlisi (2638); əl-Buxari (8/215 Fəthul-Bari); Əhməd (2096, 2281). Həmçinin müxtəsər olaraq (1950, 2027) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 4259, 4625; ət-Tayəlisi, 2760).
“Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” İsa belə deməklə, istədiyi şeyə hökm verməyin yalnız Uca Allaha aid olduğunu bildirir. Uca Allah istədiyini edəndir. Allah gördüyü işlər barədə sorğu-sual olunmaz, onlar isə sorğu-sual olunacaqlar. Həmçinin İsa belə deməklə, Allahın və Onun elçisinin adından yalan danışan, Allaha şərik qoşan, Ona zövcə və uşaq nisbət edən xaçpərəstlərdən uzaq olduğunu da bildirir. Allah onların söylədiklərindən çox uzaq və çox ucadır. Bu ayə çox böyük şana sahib olan ecazkar bir xəbərdir. Bir hədisdə rəvayət olnur ki, bir gecə Peyğəmbər ﷺ səhərə qədər bu ayəni oxuyaraq təkrarlamışdır. İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir gecə Peyğəmbər ﷺ namaza durdu və bir ayə oxudu. O, səhərə qədər həmin ayəni oxuyaraq rüku və səcdə etdi. Bu, Uca Allahın: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” ayəsi idi. Səhər açıldıqda soruşdum: “Ey Allahın Elçisi, səhərə qədər rüku və səcdə edərək bu ayəni oxudun. Bunun hikməti nədir?” Peyğəmbər ﷺ dedi: “Mən İzzət və Cəlal sahibi olan Rəbbimdən ümmətim üçün şəfaətçi olmağımı istədim, O da bunu mənə verdi. Allahın izni ilə bu şəfaətimə Allaha heç nəyi şərik qoşmayanlar nail olacaqlar”. (Əhməd (5/149 Hələbi nəşri). İsnadı yaxşıdır. (Əhməd Şakir). Əhməd, 21328, 21366, 21654. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir).
əl-Maidə, 119-120
قَالَ اللَّهُ هَذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ * لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
119. Allah buyuracaq: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər vardir”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.
120. Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir.
Allah bu ayələrdə qulu və elçisi Məryəm oğlu İsaya (ona salam olsun) cavab verdiyini bildirir. İsa (ona salam olsun) əvvəlki ayədə kafir, Allaha və Peyğəmbərinə qarşı yalan uyduran xaçpərəstlərdən uzaq olduğunu bildirib, onlar barədə hökm vermək iradəsini bütünlüklə Rəbbinə aid etdikdən sonra Uca Allah ona cavab verərək belə buyurur: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür!” İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Yəni, Tövhid (Tövhid – Allahın ibadətdə, ad və sifətlərdə və yaradan olmasında təkliyinə iman gətirməkdir). əhlinə (Allaha heç bir şeyi şərik qoşmayanlara) Tövhidin fayda verəcəyi gündür”. “Onlar üçün altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər vardir”, yəni onlar orada əbədi qalacaqlar, dəyişilməyəcəklər və yox olmayacaqlar. “Allah onlardan razıdır, onlar da Ondan razıdırlar”. Uca Allah başqa bir ayədə belə buyurur: “Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur” (“ət-Tövbə”, 72). Bu ayə ilə əlaqəli hədis qarşıda gələcəkdir. (“ət-Tövbə” surəsinin 72-ci ayəsinin təfsirində gələcəkdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Bu, böyük uğurdur”. Bu elə bir qurtuluşdur ki, bundan böyük qurtuluş yoxdur. Uca Allahın bu ayələrdə buyurduğu kimi: “Qoy çalışanlar bunun üçün çalışsınlar!” (“əs-Saffat”, 61), “Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar!” (“əl-Mutaffifin”, 26).
Uca Allah buyurur: “Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir”, yəni hər şeyi yaradan Odur, hər şeyin sahibi Odur. Hər şeyi idarə edən, hər şeyə qadir olan da Odur. Hər şey Onun mülküdür və Onun səltənəti altındadır, hər şey Onun qüdrətinə və istəyinə tabedir. Onun tayı-bərabəri və köməkçisi yoxdur. Onun anası, övladı və zövcəsi də yoxdur. Ondan başqa ilah yoxdur. Ondan başqa rəbb yoxdur. İbn Vəhb Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Quranın ən son nazil edilən surəsi “əl-Maidə” surəsidir”. (əl-Hakim (2/311) İbn Vəhbdən rəvayət etmiş və demişdir: “Hədis, əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. Həmçinin ət-Tirmizi (4/103) İbn Vəhbdən rəvayət etmişdir. Onun rəvayəti belədir: “əl-Maidə” və “əl-Fəth” surələri Quranın ən son nazil edilən surələridir”. Sonra demişdir: “Bu, həsən-ğarib hədisdir”. ət-Tirmizinin rəvayəti surənin əvvəlində keçmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 3341. Hədisin isnadı zəifdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 3063).
“əl-Maidə” surəsinin təfsiri bitdi
Həmd olsun aləmlərin Rəbbinə!