Dua etmək istəyirəm, lakin buna müvəffəq ola bilmirəm və duamın qəbul olunmayacağını düşünürəm
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Allahın rəhmətindən ümidini üzməyin. Qəlbinizdə yaranan "sanki Allah mənim dua etməyimi istəmir" və ya "istədiyim şey mənə verilməyəcək" düşüncələri sizi duadan uzaqlaşdıran və ümidsizliyə salan vəsvəsələrdir. Dua etmək üçün insanın özünü xüsusi bir halın içində hiss etməsi şərt deyil. Bəzən insanın qəlbi sıxılır, dili dua etməyə gəlmir, amma məhz belə vaxtlarda Allaha üz tutmağa daha çox ehtiyac duyur. Bilin ki, dua ən əzəmətli ibadətdir və siz dua etməklə ilk növbədə yaradılış məqsədimiz olan Uca Allaha ibadəti yerinə yetirmiş olursunuz. Uca Allah buyurur: "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60). Diqqət edin, Uca Allah bu ayədə Özünə dua etməyimizi əmr edir və bizi Özünə dua etməklə ibadətə çağırır.
Həmçinin bilin ki, dua heç bir halda geri qaytarılmır. Lakin bilin ki, duanın qəbul olunması yalnız istədiyin şeyin dərhal sənə verilməsi demək deyil. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bildirmişdir ki, müsəlman günah və qohumluq əlaqələrini kəsmək üçün dua etmədiyi müddətcə etdiyi duanın qarşılığını görər: ya istədiyi ona verilər, ya da həmin dua onun üçün savab olaraq Axirətə saxlanılar, yaxud da onun vasitəsilə başına gələcək bir bəla uzaqlaşdırılar. Bu barədə ətraflı oxuyun:
Ömər ibn Xəttab (Allah ondan razı olsun) duanın əhəmiyyətini və insanın dua etməyə müvəffəq olmasının nə qədər böyük nemət olduğunu gözəl ifadə edərək demişdir: "Məni ən çox narahat edən duamın qəbul olunması deyil, dua etməyə müvəffəq olmağımdır. Çünki mənə dua etmək ilham olunarsa, qəbul olunması da onunla birlikdədir". Bu sözün mənası budur ki, möminin əsas qayğısı yalnız istədiyinə nail olmaq deyil, Rəbbinə dua edə bilmək, Ona sığınmaq və Ondan istəmək olmalıdır. Çünki dua etmək də Allahın insana verdiyi bir müvəffəqiyyətdir. Hər kəsin əllərini qaldırıb səmimi qəlbdən Allaha yönəlməsi mümkün olmur. Odur ki, dua etməyə həvəsinizin yaranmasını gözləməyin. Dua edin ki, Allah sizə dua etməyi daha da asanlaşdırsın.