əl-Ənam (Mal-qara) surəsi

    14.11.2026

Mərhəmətli və Rəhmli Allahın adı ilə

تَفْسِيرُ سُورَةِ الأَنْعَامِ
“əl-Ənam” surəsinin təfsiri
(Məkkədə nazil olmuşdur)
 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: ”əl-Ənam” surəsi Məkkədə nazil olmuşdur”. ət-Tabərani rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “əl-Ənam” surəsi Məkkədə, gecə vaxtı bir dəfəyə, bütöv halda nazil olmuşdur. Nazil olarkən surənin ətrafında yetmiş min mələk Allahın şəninə tərif deyə-deyə onu müşaiyət edirdilər”. (ət-Tabəraninin rəvayət etdiyi isnad səhihdir. əs-Suyuti “əd-Durrul-Mənsur” (3/2) əsərində hədisi əlavə olaraq Əbu Ubeydə, İbn əd-Dirrisə, İbn əl-Munzirə və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 12757).
Əsma bint Yəzid (Allah ondan razı olsun) demişdir: ”əl-Ənam” surəsi Peyğəmbərə ﷺ bir dəfəyə, bütöv halda nazil olmuşdur. Bu surə nazil olan vaxt mən Peyğəmbərin ﷺ dəvəsinin noxtasından (Minik heyvanlarının başına salınan kəndir, qayış və s). tutmuşdum. Surənin ağırlığı az qala dəvənin baldırını çilik-çilik edəcəkdi”. (İbn Kəsir bu hədisin mənbəyini qeyd etməmişdir.  Yalnız hədisin Sufyan əs-Səuridən rəvayət olunduğunu qeyd etmişdir. Hədis “Məcməuz-Zəvaid” (7/20) əsərində yer almışdır. Müəllif demişdir: “Hədisi ət-Tabərani rəvayət etmişdir. İsnadında Şəhr ibn Həuşəb var ki, o da zəifdir. Bəziləri onun mötəbər olduğunu demişlər”. Bizə görə isə Şəhr mötəbər ravidir. əs-Suyuti (3/2) hədisi ət-Tabərani və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). əs-Suyuti “əd-Durrul-Mənsur” 6/6. Digər mənbələrdə yalnız “əl-Maidə” surəsi qeyd edilir. Əhməd, 27592, 27633, 28144; əl-Beyhəqi “Şuabul-İman” 2207. Şueyb əl-Arnavut demişdir: “İsnadı zəifdir, lakin şahidləri ilə həsən dərəcəsinə yüksəlir”).
İbn Mərdəveyh Ənəs ibn Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: ”əl-Ənam” surəsi nazil olduqda mələklər onu təntənəli surətdə müşaiyət edirdilər. Onların sayı o qədər çox idi ki, günbatanla gündoğanı örtmüşdülər. Mələklərin Allahın şəninə tərif demələri yeri titrədirdi”. Peyğəmbər ﷺ dedi: “Onlar: “Subhə:n-Alla:hil-Azi:m, Subhə:n-Alla:hil-Azi:m! (Mənası: Əzəmətli Allah pak və müqəddəsdir") – deyirdilər”. (İbn Mərdəveyhin rəvayət etdiyi isnadda iki ravinin kimliyini bilmədim. Hədisi əl-Heysəmi “əz-Zəvaid” (7/20) əsərində rəvayət etmiş və demişdir: “Hədisi ət-Tabərani öz şeyxi Muhəmməd ibn Abdullah ibn Ursdan, o da Əhməd ibn Muhəmməd ibn Əbu Bəkr əs-Səlimidən rəvayət etmişdir. Bu iki ravinin heç birini tanımadım. İsnadda adları keçən digər ravilər isə mötəbərdirlər”. (Əhməd Şakir). əl-Beyhəqi “Şuabul-İman” 2210; ət-Tabərani “Mucəmul-Əvsat” 6447. Hədis münkərdir. Bax: Silsilə əd-Daifə, 5627).
 
əl-Ənam, 1-3
الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ * هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلًا وَأَجَلٌ مُسَمًّى عِنْدَهُ ثُمَّ أَنْتُمْ تَمْتَرُونَ * وَهُوَ اللَّهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Həmd, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar.
2. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Bir də Onun yanında bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.
3. O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir. O, sizin nə etdiklərinizi də bilir.

 
Bu ayələrdə Uca Allah qulları məskunlaşsın deyə, göyləri və yeri, habelə gecə və gündüzdən faydalansınlar deyə, zülmətləri və nuru yaratdığına görə Özünü tərifləyərək həmd edir. Uca Allah ayədə “zülmət” sözünü cəmdə, “nur” sözünü isə şərəfli olduğuna görə təkdə işlətmişdir. Necə ki başqa bir ayədə buyurur: “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa (bu ayədə Uca Allah şərəfli olduğuna görə “sağ” sözünü təkdə, “sol” sözünü isə cəmdə işlətmişdir. Ümumiyyətlə, İslamda sağ tərəf şərəfli sayılır. Odur ki, Peyğəmbərimiz ﷺ yaxşı və şərəfli işləri sağ əllə edər, sağ tərəfdən başlayardı. Salam vermək, yeyib-içmək, alıb-vermək və s. bu kimi əməllər sağ əllə edilir. Həmçinin məscidə girərkən də sağ ayaqla girilir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər ﷺ ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağdan başlamağı sevərdi” (əl-Buxari, 168) və sol tərəflərə əyilir” (“ən-Nəhl”, 48). Həmçinin bu surənin sonunda belə buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar” (“əl-Ənam”, 153).
Sonra Uca Allah buyurur: “Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar”, yəni bütün bunlardan sonra Allahın bəzi qulları Onu inkar edir, Ona şərik qoşur, Ona tay tutur, Ona zövcə və övlad nisbət edirlər. Allah bütün bunlardan çox uca və çox uzaqdır.
Uca Allah buyurur: “Sizi palçıqdan yaradan...”, yəni ataları Adəmi (ona salam olsun) palçıqdan yaratmışdır. Adəm insanların əslidir, insanların hamısı ondan törəmiş və bütün yer üzünə yayılmışlar.
Uca Allah buyurur: “...sonra da əcəlinizi təyin edən Odur. Bir də Onun yanında bəlli bir əcəl vardır”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah: “...sonra da əcəlinizi təyin edən Odur” deməklə ölümü, “Bir də Onun yanında bəlli bir əcəl vardır” deməklə isə Axirəti nəzərdə tutur”. Mucahid, İkrimə, Səid ibn Cubeyr və başqalarından da belə rəvayət edilmişdir. əl-Həsəndən nəql olunan bir rəvayətdə o, belə demişdir: “Sonra da əcəlinizi təyin edən Odur” – bu, insanın yaranması ilə ölümü arasındakı müddətdir. “Bir də Onun yanında bəlli bir əcəl vardır” – bu isə insanın ölümündən sonra yenidən dirilənə qədər keçən müddətdir”. (ət-Tabəri, 13054, 13106; İbn Əbu Hatim, 7097). Bu, əvvəlki təfsirlə eynidir. Bu təfsirə görə, xüsusi əcəl hər bir insanın ömrü, ümumi əcəl isə bütün dünyanın ömrüdür. Dünyanın sona çatması, yox olması və Axirət yurduna dönüşdür. “Onun yanında bəlli bir əcəl vardır”, yəni bu müddəti Allahdan başqa heç kim bilməz. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Səndən Qiyamət saatı barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər” (“əl-Əraf”, 187); “Səndən Qiyamət saatı barəsində: “O nə vaxt qopacaq?” – deyə soruşurlar. Axı sən onu haradan biləsən?! Onu kamil bilmək sənin Rəbbinə aiddir”  (“ən-Nəziət”, 42-44). Uca Allah buyurur: “Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz”. əs-Suddi və başqaları demişlər: “Yəni siz hələ də Qiyamətin baş verməsinə şübhə edirsiniz”.
Uca Allah buyurur: “O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir. O, sizin nə etdiklərinizi də bilir”. Bu ayəni təfsir edən alimlər müxtəlif rəylər söyləmişlər, lakin təfsir alimlərinin hamısı yekdilliklə qəbul etmişlər ki, Allahın hər yerdə olduğunu deyənlərin rəyi səhvdir. Allah onların dediklərindən çox uca və çox uzaqdır. Allahın hər yerdə olduğunu deyənlər ayəni bu mənaya yönəltmişlər, halbuki ən doğru rəyə görə, ayənin mənası belədir: “Göylərdə də, yerdə də dua edilən Tək Allahdır, yəni göylərdə və yerdə olanlar yalnız Ona ibadət edər, Onu ibadətdə təkləşdirər, yalnız Onun ibadətə layiq olduğunu qəbul edər, yalnız Onu Allah adlandıraraq qorxu və ümidlə yalnız Ona dua edərlər. Cinlərdən və insanlardan kafir olanlar isə istisnadırlar”. Bu rəyə görə, bu ayə Uca Allahın “Göydə də məbud, yerdə də məbud yalnız Odur” (“əz-Zuxruf”, 84) ayəsinə bənzəyir. Yəni O, göydə olanların da, yerdə olanların da məbududur. Bu təfsirə görə, Uca Allahın “O, gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir” ifadəsi xəbər cümləsidir və ya haldır (tərzi hərəkət zərfidir).
İkinci rəyə görə, bu ayənin mənası belədir: “Yalnız Uca Allah göylərdə və yerdə, gizlində və aşkarda olan hər şeyi bilir”. Bu rəyə görə, “bilir” feili “həm göylərdə, həm də yerdə” ifadəsi ilə əlaqəlidir. Yəni Allah həm göylərdə, həm də yerdə gizlində olanları da, aşkarda olanları da bilir. O, sizin nə etdiklərinizdən də xəbərdardır.
Üçüncü rəyə görə, ayənin وَهُوَ اللهُ فِي السَّمَوَاتِ [və huvəlla:hu fis-səmə:və:ti] “O, göylərdə Tək Allahdır” hissəsində tam dayanmaq lazımdır (cümlə bitir). Sonra xəbər gəlir: “Yerdə gizlində saxladığınızı da, aşkarda etdiyinizi də bilir”. İbn Cərir də bu rəyi seçmişdir.
Uca Allah buyurur: “O, sizin nə etdiklərinizi də bilir”, yəni xeyirli və pis əməllərinizin hamısını bilir.
 
əl-Ənam, 4-6
وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ * فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ * أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّنْ لَكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِمْ مِدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِنْ تَحْتِهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
4.  Onlara Rəbbinin ayələrindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.
5. Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır.
6. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.

 
Bu ayələrdə Uca Allah ayələrini yalan sayan inadkar müşriklər barədə xəbər verərək bildirir ki, onlara “gələn elə bir ayə”, yəni Uca Rəbbin təkliyini və hörmətli elçilərinin doğruluğunu təsdiq edən elə bir möcüzə və dəlil yoxdur ki, ondan üz çevirməsinlər. Onlar bu möcüzələrə tərəf baxmırlar və onları saymırlar. Uca Allah buyurur: “Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır”. Bu, haqqı yalan saydıqlarına görə onlar üçün təhdid və şiddətli bir qorxutmadır. Onların yalan saydıqları xəbər onlara mütləq gələcəkdir, bunun aqibətini mütləq görəcəklər və etdikləri əməllərin cəzasını dadacaqlar.
Sonra Uca Allah öyüd-nəsihət verərək onları keçmiş əsrlərdə bənzərlərinin başına gəlmiş dünyəvi əzabın onların da başına gələ biləcəyindən çəkindirir. Halbuki əvvəlkilər onlardan daha üstün güc-qüvvətə, daha çox mal-dövlətə və övlada sahib idilər, yer üzündə onlardan daha çox işlər görüb, daha çox tikililərə sahib idilər. Uca Allah buyurur: “Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik”, yəni onlara mal-dövlət, övlad, malikanələr, şan-şöhrət, bolluq və ordular vermişdik. “Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq”, yəni göydən bol yağış yağdırmış, yerdən çaylar axıtmışdıq. “Biz onları günahlarına görə həlak etdik”, yəni etdikləri günahlara və pis əməllərə görə onları yox etdik “və onlardan sonra başqa nəsillər yaratdıq”, yəni dünənki günün ötüb keçdiyi kimi, onlar da ötüb getdilər, biz onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. “...və onlardan sonra başqa nəsillər yaratdıq”, imtahan etmək üçün başqa bir nəsil yaratdıq. Onlar da əvvəlkilərin əməlini edərək, əvvəlkilər kimi həlak oldular. Ey bu ayələrlə xitab olunanlar, onların başına gələnin sizin də başınıza gəlməsindən qorxun! Siz Allaha heç də onlardan əziz deyilsiniz, sizin inkar etdiyiniz Peyğəmbər ﷺ Allah dərgahında onların peyğəmbərlərindən daha hörmətlidir. Allahın lütfü və mərhəməti olmasaydı, əlbəttə, cəzanın və əzabın tez gəlməsinə siz onlardan daha çox layiq olardınız.
 
əl-Ənam, 7-11
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا سِحْرٌ مُبِينٌ * وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنْزَلْنَا مَلَكًا لَقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنْظَرُونَ * وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِمْ مَا يَلْبِسُونَ * وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ * قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
7. Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!” – deyərdilər.
8. Onlar: “Nə üçün ona mələk endirilməyib?” – dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.
9. Əgər biz peyğəmbəri mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.
10. Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri, istehza etdiklərinin özü məhv etdi.
11. De: “Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu”.

 
Uca Allah bu ayələrdə müşriklərin küfrlərindən, inadkarlıqlarından və haqqa təkəbbürlə yanaşıb mübahisə etmələrindən danışaraq buyurur: “Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, ...”, yəni, əgər sənə nazil etdiyimizi açıq şəkildə müşahidə edib nazil olmasını görsəydilər və ona toxunsaydılar, “kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!” – deyərdilər”. Necə ki Uca Allah başqa ayələrdə kafirlərin açıq-aydın dəlillərə inadkarlıq göstərmələrini xəbər verərək belə buyurur: “Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanma-dan oraya qalxsaydılar, yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu, biz sehrlənmişik”, – deyərdilər” (“əl-Hicr”, 14 -15); “Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər”  (“ət-Tur”, 44).
Uca Allah buyurur: “Onlar: “Nə üçün ona mələk endirilməyib?” – dedilər”, yəni nə üçün onunla birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? Uca Allah onlara cavab olaraq buyurur: “Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi”, yəni, əgər onlar bu halda ikən mələklər ensəydi, Allahdan onlara əzab gələrdi. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz” (“əl-Hicr”, 8); “Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. Mələklər deyəcəklər: “Cənnətə girməyiniz qadağandır, qadağan!” (“əl-Furqan”, 22).
Uca Allah buyurur: “Əgər biz peyğəmbəri mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq”, yəni, əgər bəşər övladı olan Peyğəmbərlə birlikdə bir mələk endirsəydik, yəni bəşərə bir mələk elçi göndərsəydik, onun insanlarla danışması, insanların da onu başa düşməsı və ondan faydalanıb nəsə götürməsi üçün bu mələk kişi şəklində olardı. Əgər belə olsaydı, insanın elçi göndərilməsini qəbul etməkdə şübhəyə düşdükləri kimi, burada da şübhəyə düşərdilər. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik” (“əl-İsra”, 95). Bir-birlərini dəvət etsinlər, ünsiyyət qurub, sual verib bir-birlərindən faydalansınlar deyə, hər bir məxluqata özlərindən elçilər göndərməsi Uca Allahın yaratdıqlarına qarşı olan mərhəmətidir. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Allah möminlərə onların öz içərisindən Elçi göndərməklə lütf göstərdi” (“Ali-İmran”, 164). İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Əgər onlara bir mələk gəlsəydi, bu mələk yalnız kişi surətində gələrdi. Çünki onlar nurdan yaradılmış mələklərə baxa bilməzdilər “və onları bir daha düşdükləri şübhəyə salardıq”, yəni onlara şübhəli görünən şeyi yenə şübhəli göstərərdik”. (İbn Əbu Hatim, 7129).
Uca Allah buyurur: “Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri istehza etdiklərinin özü məhv etdi”. Uca Allah bu ayədə qövmü tərəfindən yalançı hesab edilən elçisi Muhəmmədə ﷺ təsəlli verərək həm ona, həm də ona iman gətirən möminlərə zəfər, dünya və Axirətdə gözəl aqibət vəd edir.
Sonra Uca Allah buyurur: “De: “Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu”, yəni öz-özünüzə düşünün. Ötən dövrlərdə Allahın elçilərini yalan sayanlara, onlara qarşı inadkarlıq göstərənlərə Allahın endirdiyi əzabı görün. Bu, onların dünyadakı aqbətidir. Axirətdə isə onlar üçün ağrıdıcı əzab hazırlanmışdır. Baxın Uca Allah dünyada Öz elçilərini və mömin qullarını necə qurtarmışdır.
 
əl-Ənam, 12-16
قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ قُلْ لِلَّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ * وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ * قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ * قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ * مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ
12. De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” Allah yaratdıqlarına qarşı rəhmli olmağı Özünə vacib etmişdir. And olsun ki, gələcəyinə şübhə edilməyən Qiyamət günündə sizi bir yerə O toplayacaqdır. Özlərini ziyana uğradanlara gəldikdə isə, onlar iman gətirməzlər.
13. Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir.
14. De: “Göyləri və yeri yaradan, hamını yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?” De: “Mənə müsəlman olanların ilki olmaq əmr edildi və: “Müşriklərdən olma!” (buyuruldu)”.
15. De: “Əgər Rəbbimə asi olsam, əzəmətli günün əzabından qorxaram”.
16. O gün kim əzabdan qurtularsa, həqiqətən, Allah ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.

 
Uca Allah bu ayələrdə göylərin, yerin və onların arasında olanların sahibi olduğunu, əzəldən Özünə rəhmli olmağı yazdığını bildirir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Uca Allah məxluqatı yaratdığı zaman Öz yanında Ərşin üzərində yerləşən Kitabında Özünə aid belə yazmışdır: “Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!” (Əhməd (7297, 7491, 7520, 8112). Hədisin digər rəvayətləri 50-54-cü ayələrin təfsirində gələcəkdir. Oxşar hədisi ət-Tabəri (13096, 13105) “Təfsir” kitabında rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 3194, 6855, 7404).
Uca Allah buyurur: “And olsun ki, gələcəyinə şübhə edilməyən Qiyamət günündə sizi bir yerə O toplayacaqdır”. Cümlənin əvvəlindəki لَيَجْمَعَنَّكُمْ [ləyəcməannəkum] sözündə keçən لَـ [lə] ədatı cümlənin andla başlamasına dəlalət edir. Uca Allah Özünə and içərək bildirir ki, gələcəyinə şübhə olmayan bəlli bir günün müəyyən vaxtında – Qiyamət günü qullarını mütləq bir yerə toplayacaq. Heç bir mömin bu günün gələcəyinə şəkk etmir. Onu inkar edib yalan sayanlar isə şübhələri içində tərəddüd edirlər.
Uca Allah buyurur: “Özlərini ziyana uğradanlara gəldikdə isə, ...”, yəni Qiyamət günü özlərini xəsarətə uğradanlara gəlincə isə, “onlar iman gətirməzlər”, yəni onlar Axirəti təsdiqləməzlər və həmin günün şərindən qorxmazlar.
Sonra Uca Allah buyurur: “Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur”, yəni göylərdə və yerdə olan canlıların hamısı Onun qulu və Onun yaratdığıdır, Onun mütləq hakimiyyəti və idarəçiliyi altındadır. Ondan başqa ibadətə layiq haqq məbud yoxdur. “O, Eşidəndir, Biləndir”, yəni qullarının dediklərini eşidən, onların davranışlarını və qəlblərində gizlətdiklərini biləndir.
Sonra Uca Allah əzəmətli tövhid əqidəsi və haqq dinlə göndərdiyi qulu və elçisi Muhəmmədə ﷺ xitab edərək, ona insanları Allahın doğru yoluna çağırmağı əmr edir və buyurur: “De: “Göyləri və yeri yaradan, hamını yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?” Başqa bir ayədə isə belə buyurur: “De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!” (“əz-Zumər”, 64). Ayənin mənası belədir: “Tək və şəriki olmayan Allahdan başqa bir dost tutmayacağam, çünki göyləri və yeri yaradan Odur, yəni bundan əvvəl bənzəri olmadan, yoxdan var edən Odur. “Hamını yedirdiyi halda, Özü yedirilməyən”, yəni Uca Allah yaratdıqlarına möhtac olmadan bol ruzi verəndir. Başqa bir ayədə isə belə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir” (“əz-Zariyat”, 56-58). Bəzi qarilər bu ayəni وَهُوَ يُطْعِمُ وَلاَ يَطْعَمُ  [və huvə yut'imu və lə: yət'amu] “Hamını yedirdiyi halda, Özü yeməyən” şəklində oxumuşlar. (Bu qiraət əl-Həsən və əl-Muttavvəidən rəvayət olunur. Bax: “əl-Qiraət əl-Ərbəa Aşara” (səh. 206). Həmçinin ət-Tabəri (11/284) bu qiraəti sahibinə nisbət etmədən qeyd etmiş və demişdir: “...yəni yaratdıqlarını yedirən, Özü isə yeməyən. Lakin bu qiraət nadir olduğu üçün mötəbər sayılmır”. (Əhməd Şakir).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Quba ərazisində yaşayan ənsarlardan biri Peyğəmbəri ﷺ evinə qonaq dəvət etdi. Biz də onunla birlikdə getdik. Peyğəmbər ﷺ yemək yeyib əllərini yuduqdan sonra belə dua etdi: “Hamını yedirən, Özü isə yedirilməyən, bizə nemət verib doğru yola yönəldən, bizi yedirən və içirən, hər bir gözəl imtahanla bizi sınayan Allaha həmd olsun! Allaha sonsuz, misli olmayan, inkar olunmayan, onsuz keçinilməyən həmd olsun! Bizə yemək yedirən, içkilər içirən, paltar geydirən, azğınlıqdan çıxarıb hidayət verən, korluqdan qurtarıb göz verən və bizi yaratdıqlarının bir çoxundan üstün edən Allaha həmd olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Transkripsiyası: [Əlhəmdulillə:hil-ləzi: yut'imu va lə: yut'amu, va mənnə aleynə: fəhədə:nə, va ət'amənə: va səqa:nə, va kullə bələ:in həsənin əblə:nə. Əlhəmdulillə:hi ğayra muvəddəin, va lə: mukə:fəin, va lə: məkfu:rin, va lə: mustəğnən anhu. Əlhəmdulillə:hil-ləzi: ətamənə: minət-taa:mi, va səqa:nə minəş-şəra:bi, va kəsə:nə minəl-'ura, va hədə:nə: minəd-dalə:li, va bəssaranə: minəl-amə:, va fəddalənə: alə: kəsi:rin mimmən xaləqa təfdi:lə. Əlhəmdulillə:hi Rabbil-a:ləmi:n])”. (Bu hədis səhihdir. İbn Kəsir bu hədisin mənbələrini qeyd etməmişdir. Hədisi əl-Hakim (1/546) və İbn Hibban (7/265)  rəvayət etmişlər. əl-Hakim demişdir: “Hədis Muslimin şərtinə görə, səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. əz-Zəhəbi onunla razılaşmışdır. Hədisin bəzi hissələrini əl-Buxari (9/501-502) Əbu Umamədən (Allah ondan razı olsun) rəvayət etmişdir. Həmçinin Əbu Davud (3849) rəvayət etmişdir. (Əhməd Şakir). 
Uca Allah buyurur: “De: “Mənə müsəlman olanların ilki olmaq əmr edildi...”, yəni bu ümmətdə ilk müsəlman olmaq mənə əmr edildi, “və: “Müşriklərdən olma!” (buyuruldu). De: “Əgər Rəbbimə asi olsam, əzəmətli günün”,  yəni Qiyamət gününün “əzabından qorxaram. O gün kim əzabdan qurtularsa, həqiqətən, Allah ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur”. Başqa bir ayədə Uca Allah belə buyurur: “Kim Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilərsə, o, əlbəttə uğur qazanmış olar” (“Ali-İmran”, 185). Burada uğur qazanmaq – qazanc əldə etmək və ziyana uğramamaq deməkdir.
 
əl-Ənam, 17-21
وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ * وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ * قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً قُلِ اللَّهُ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَى قُلْ لَا أَشْهَدُ قُلْ إِنَّمَا هُوَ إِلَهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ * الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ * وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
17. Əgər Allah sənə bir zərər toxundursa, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Və əgər sənə bir xeyir yetirsə, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir.
18. O, qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmət sahibidir, hər şeydən Xəbərdardır.
19. De: “Şahidlik baxımından hansı şey daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və onun yetişəcəyi hər kəsi xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz?” De: “Mən buna şahidlik etmərəm!” De: “O ancaq tək bir İlahdır. Doğrusu, mən sizin şərik qoşduqlarınızdan uzağam”.
20. Özlərinə Kitab verdiyimiz kəslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar, sözsüz ki, iman gətirməzlər.
21. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

 
Uca Allah yalnız Özünün zərər və fayda verməyə qadir olduğunu, yaratdıqlarını istədiyi kimi idarə etdiyini, hökmünü heç kimin ləğv edə bilməyəcəyini və təqdir etdiyi işin qarşısını heç nəyin ala bilməyəcəyini xəbər verərək buyurur: “Əgər Allah sənə bir zərər toxundursa, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Və əgər sənə bir xeyir yetirsə, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir”. Başqa bir ayədə isə belə buyurur: “Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir” (“Fatir”, 2). “Səhih” əsərində rəvayət olunan bir hədisdə bildirilir ki, Peyğəmbər ﷺ (namazdan sonra) belə dua edərdi: “Allahım, Sənin verdiyinə mane olacaq, mane olduğunu isə verəcək bir kəs yoxdur. Sənin yanında heç bir mal-dövlət öz sahibinə fayda verə bilməz (Transkripsiyası: Alla:hummə, lə: mə:nia limə: ə'taytə va lə: mu'tiyə limə: mənə'tə va lə: yənfəu zəl-cəddi minkəl-cədd!)”. (əl-Buxari, 799, 844). Bu səbəbdən növbəti ayədə Uca Allah: “O, qulları üzərində mütləq hakimiyyət sahibidir”– buyurur. Yəni, qullar Ona tabe olar, güclülər Onun qarşısında zəlil olar, üzlər Onun qarşısında aciz görkəm alar, hər şey Onun hökmünə tabe olar, yaradılanlar Ona itaət edər, hər şey Onun qüdrəti, ucalığı, əzəməti və cəlalının böyüklüyü qarşısında boyun əyər, Onun hökmü qarşısında alçalar və zəifləyər. “O, Hikmət sahibidir”, yəni etdiyi hər işdə Hikmət sahibidir, “hər şeydən Xəbərdardır”, yəni hər şeyin yerindən Xəbərdardır. Nemətə layiq olana nemət verər, nemətə layiq olmayanı isə ondan məhrum edər.
Sonra Uca Allah buyurur: “De: “Şahidlik baxımından hansı şey daha böyükdür?”, yəni şahidlik edənlərin ən əzəmətlisi kimdir? “De: “Allah mənimlə sizin aranızda Şahiddir”, yəni sizə gətirdiyimi və sizin mənə söylədiklərinizi bilən Odur. “Bu Quran mənə, onunla sizi və onun yetişəcəyi hər kəsi xəbərdar etməyim üçün vəhy olundu”, yəni bu Quran, çatdığı hər kəsi xəbərdar edib qorxudan bir Kitabdır. Uca Allah başqa bir ayədə belə buyurur: “Onu inkar edən firqələrin vəd olunduğu yer oddur” (“Hud”, 17).
ər-Rabi ibn Ənəs demişdir: “Allah Elçisinə ﷺ tabe olan hər kəsin borcudur ki, insanları Allah Elçisinin ﷺ dəvət etdiyi kimi dəvət etsin və Allah Elçisinin ﷺ xəbərdar etdiyi kimi xəbərdar etsin”. (İbn Əbu Hatim, 7167).
Uca Allah buyurur: “Yoxsa siz”, ey müşriklər, “Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz? De: “Mən buna şahidlik etmərəm!” Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə” (“əl-Ənam”, 150). Burada isə ayənin davamında belə buyurur: “De: “O ancaq tək bir İlahdır. Doğrusu, mən sizin şərik qoşduqlarınızdan  uzağam”.
Sonra Uca Allah Kitab əhlindən xəbər verərək, onların Muhəmməd peyğəmbəri ﷺ öz oğullarını tanıdıqları kimi tanıdıqlarını bildirir. Çünki bu barədə onlarda əvvəlki peyğəmbərlərdən aldıqları məlumatlar var. Bütün peyğəmbərlər öz ümmətlərini Muhəmmədin ﷺ peyğəmbər olaraq göndəriləcəyi ilə müjdələyərək, onun əlamətlərini, çıxacağı ölkəni, hicrət edəcəyi yeri və ümmətinin xüsusiyyətlərini bildirmişlər. Bu səbəbdən Uca Allah ayənin davamında belə buyurur: “Özlərini ziyana uğradanlar”, yəni özlərini tamamilə ziyana uğradanlar, “sözsüz ki, iman gətirməzlər”, yəni bütün zamanlarda peyğəmbərlərin müjdələdiyi və xəbərdar etdiyi bu açıq-aydın əmrə inanmazlar.
Uca Allah buyurur: “Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər?” Yəni, Allah onu elçi göndərmədiyi halda, Allahın onu elçi göndərdiyini iddia edərək bəzi sözləri özündən uydurub Allaha aid edən kəsdən daha zalım heç kim yoxdur. Həmçinin Allahın ayələrini, möcüzələrini və dəlillərini yalan sayandan da daha zalım heç kim yoxdur. “Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”, yəni nə o, nə də bu – nə Allahın adına yalan uyduran, nə də Allahın ayələrini yalan sayan əsla qurtuluşa çatmayacaq.
 
əl-Ənam, 22-26
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ * ثُمَّ لَمْ تَكُنْ فِتْنَتُهُمْ إِلَّا أَنْ قَالُوا وَاللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ * انْظُرْ كَيْفَ كَذَبُوا عَلَى أَنْفُسِهِمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ * وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا حَتَّى إِذَا جَاءُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ * وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ وَإِنْ يُهْلِكُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
22. O gün onların hamısını bir yerə toplayacaq, sonra da Allaha şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” – deyəcəyik.
23. Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” – deməkdən başqa bir bəhanələri qalmayacaq.
24. Gör onlar özlərinə qarşı necə yalan söylədilər! Uydurduqları şeylər də onlardan qeyb olub getdi.
25. Onlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə, onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər.
26. Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar fərqinə varmadan yalnız özlərini həlak edərlər.

 
Uca Allah müşriklər barədə xəbər verərək buyurur: “O gün onların hamısını bir yerə toplayacaq, ...”, yəni Qiyamət günü Uca Allah müşrikləri bir yerə toplayıb onlardan Allahdan başqa ibadət etdikləri və Allaha tay tutduqları bütlər barədə soruşaraq deyəcək: “İddia etdiyiniz şərikləriniz haradadır?!” Necə ki “əl-Qəsəs” surəsində buyurur: “O gün Allah onları çağırıb deyəcəkdir: “İddia etdiyiniz şəriklərim haradadırlar?” (“əl-Qəsəs”, 62).
Uca Allah buyurur: “Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” – deməkdən başqa bir bəhanələri qalmayacaq”, yəni onların ayədə qeyd olunan sözləri deməkdən başqa dəlilləri olmayacaq. İbn Abbas demişdir: “Yəni onların bundan başqa bəhanələri olmayacaq”. Qatədə də belə demişdir. İbn Cərir demişdir: “Doğru olan təfsir budur: “Biz onları sorğu-suala tutduğumuz zaman əvvəllər Allaha şərik qoşduqlarına görə: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” – deməkdən başqa bir bəhanələri qalmayacaq”. (ət-Tabəri, 13139, 13191).
İbn Əbu Hatim Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, bir dəfə bir kişi İbn Abbasın yanına gələrək dedi: “Ey Əbu Abbas, Uca Allahın müşriklər barədə: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!”– dediyini eşitmişəm. Bunun açıqlaması nədir?” İbn Abbas dedi: “Uca Allahın müşriklər barədə: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” sözünə gəlincə, müşriklər yalnız namaz əhlinin Cənnətə girəcəyini gördükdə: “Gəlin Allaha şərik qoşmağımızı inkar edək!” – deyəcəklər. İnkar etdikləri zaman Uca Allah onların ağızlarına möhür vuracaq, əlləri və ayaqları əleyhlərinə şahidlik edəcək. Onlar heç bir sözü Allahdan gizlədə bilməzlər. İndi ürəyində bir şübhə qaldımı? Quranda elə bir ayə yoxdur ki, onun açıqlaması barədə bir şey nazil olmasın, lakin siz onun açıqlamasını bilmirsiniz”. (ət-Tabəri (13140) (11/302) həm eyni isnadla (9520) (8/373), həm də (9521) başqa bir isnadla rəvayət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 5348, 7180).
əd-Dahhək rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayənin münafiqlər barədə nazil olduğunu demişdir. Lakin bu, şübhəlidir, çünki bu ayə Məkkədə nazil olmuşdur, münafiqlər isə Mədinədə ortaya çıxmışlar. Münafiqlər barədə “əl-Mucadilə” surəsindəki bu ayə nazil olmuşdur: “Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır” (“əl-Mucadilə”, 18). Həmçinin Uca Allah müşriklər barədə belə demişdir: “Gör onlar özlərinə qarşı necə yalan söylədilər! Uydurduqları şeylər də onlardan qeyb olub getdi”. Necə ki başqa bir ayədə müşriklər barədə belə buyurur: “Sonra da onlara deyiləcək: “Haradadır şərik qoşduqlarınız – Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub getdilər. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri, beləcə, azğınlığa salar” (“Ğafir”, 73-74).
Uca Allah buyurur: “Onlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə, onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar”, yəni onlar sənin Quran oxumağını dinləmək üçün gələrlər, lakin bu, onlara heç bir fayda verməz. Çünki Uca Allah: “...onu anlamasınlar deyə, onların qəlblərinə pərdələr çəkdik” – buyurur. Yəni, Quranı anlamasınlar deyə, qəlblərinə örtük çəkdik, “qulaqlarına da ağırlıq verdik”, yəni eşidib faydalanmasınlar deyə, qulaqlarına karlıq verdik. Onlar Uca Allahın bu ayədə vəsf etdiyi kimidirlər: “Kafirlərin misalı çığırtı və bağırtıdan başqa bir şey anlamayan, heyvanları haylayan çobanın misalına bənzəyir. Onlar kar, lal və kordurlar. Odur ki, haqqı anlamazlar” (“əl-Bəqərə”, 171).
Uca Allah buyurur: “Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar”, yəni onlar nə qədər ayələr, dəlillər, açıq-aydın möcüzələr görsələr də, yenə inanmazlar, çünki onlarda nə anlayış, nə də insaf var. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər” (“əl-Ənfal”, 23).
Uca Allah buyurur: “Hətta yanına gəldikdə səninlə höcətləşərlər”, yəni onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə səninlə mübahisə edərlər. “Kafir olanlar isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər”, yəni sənin gətirdiyin, keçmiş ümmətlərin kitablarından götürülmüşdür və onlardan nəql edilmişdir.
Uca Allah buyurur: “Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar”. Ayədə keçən يَنْهَوْنَ عَنْهُ [yənhəunə anhu] “insanları haqdan uzaqlaşdırır” ifadəsinin mənası barədə iki rəy var:
Birinci rəy: burada nəzərdə tutulan məna budur: “Onlar insanları haqqa tabe olmaqdan, Allah Elçisini ﷺ təsdiqləməkdən və Qurana boyun əyməkdən çəkindirirlər, يَنْئَونَ عَنْهُ [yən'əunə anhu] “həm də özləri ondan uzaqlaşırlar”,  yəni özləri də ondan uzaq dururlar. Beləliklə, onlar iki pis əməli cəm edirlər – həm özləri Qurandan faydalanmırlar, həm də başqalarını ondan faydalanmağa qoymurlar. Doğru rəy də budur. Ən doğrusunu isə Allah bilir. İbn Cərir də bu rəyi seçmişdir.
İkinci rəy: İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, bu ayə Əbu Talib barədə nazil olmuşdur. O, insanların Peyğəmbərə ﷺ əziyyət verməsinin qarşısını alardı. Əta ibn Dinar və başqaları da bu ayənin Əbu Talib barədə nazil olduğunu demişlər. (ət-Tabəri, 13170, 13175, 13222, 13227).
Səid ibn Əbu Hilal demişdir: “Bu ayə Peyğəmbərin ﷺ əmiləri barədə nazil olmuşdur. Onlar on nəfər idilər. Aşkarda Peyğəmbərlə ﷺ ən çox birlikdə olan, gizlində isə ən çox onun əleyhinə olan onlar idilər”. Səid ibn Əbu Hilalın bu sözünü İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Əbu Hatim, 7204).
Uca Allah buyurur: “Halbuki onlar fərqinə varmadan yalnız özlərini həlak edərlər”, yəni onlar bu əməlləri ilə yalnız özlərini həlaka sürükləyərlər, bunun günahı yalnız özlərinə qayıdar, onlar isə bunu hiss etməzlər.
 
əl-Ənam, 27-30
وَلَوْ تَرَى إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ * بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ * وَقَالُوا إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ * وَلَوْ تَرَى إِذْ وُقِفُوا عَلَى رَبِّهِمْ قَالَ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُوا بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
27. Onların atəşin qarşısında dayandırıldıqları zaman: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq” – dediklərini görəydin!
28. Xeyr! Daha öncə gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.
29. Onlar dedilər: “Həyat ancaq bu dünya həyatımızdan ibarətdir. Biz bir daha diriləcək deyilik!”
30. Sən onları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir görəydin! Allah onlara: “Məgər bu dirilmə haqq deyilmi?!” – deyəcək. Onlar: “Əlbəttə, Rəbbimizə and olsun ki, bu, haqdır!” – deyəcəklər. Allah da: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!” – deyəcək.

 
Uca Allah bu ayələrdə kafirlərin Qiyamət günü atəşin qarşısında dayanıb oradakı zəncir və buxovları gördükləri, bu dəhşətləri və əzəmətli işlərə öz gözləri ilə şahid olduqları zaman düşəcəkləri haldan xəbər verir. Onlar həmin vaxt: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq” deyərək Rəblərinin ayələrini yalan saymamaq, əməlisaleh işlər görmək və möminlərdən olmaq üçün dünya həyatına geri qaytarılmalarına ümid edəcəklər. Uca Allah onlara cavab olaraq buyurur: “Xeyr! Daha öncə gizlətdikləri günahlar onlara aşkar oldu”, yəni inkar etsələr belə, həm dünyada, həm də Axirətdə qəlblərində gizlətdikləri küfr, nifaq və inadkarlıqları üzə çıxacaq. Necə ki az əvvəl Uca Allah belə buyurmuşdu: “Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!” – deməkdən başqa bir bəhanələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan söylədilər”.
Ola bilsin, dünyada ikən peyğəmbərlərin gətirdiklərinin doğru oluğunu qəlblərində yəqinliklə bildikləri Qiyamət günü üzə çıxacaq. Halbuki özlərinə tabe olanlara qəlblərində gizlətdiklərinin əksini göstərirdilər. Necə ki Uca Allah Musa (ona salam olsun) barədə xəbər verərək onun Firona: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi açıq-aşkar möcüzə olaraq endirdi” (“əl-İsra”, 102) – dediyini bildirir. Başqa bir ayədə Uca Allah Firon və onun qövmündən xəbər verərək: “Buna yəqinliklə inandıqları halda, haqsızcasına və təkəbbür üzündən onları inkar etdilər” (“ən-Nəml”, 14) – buyurur.
Ola bilsin, burada insanlara özlərini mömin kimi göstərib qəlblərində küfrü gizlədən münafiqlər nəzərdə tutulur və ayədə Qiyamət günü bir qrup kafirin dediyi sözlər barədə xəbər verilir. Münafiqliyin Mədinədə və Mədinə ətrafında yaşayan ərəblər arasında meydana gəlməsinə baxmayaraq, bu rəy ayənin Məkkədə nazil olması ilə ziddiyyət təşkil etmir. Çünki Uca Allah münafiqlərin meydana gəlməsini Məkkə surələrdən biri olan “əl-Ənkəbut” surəsində də zikr etmişdir: “Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir” (“əl-Ənkəbut”, 11). Bu rəyə görə, ayədə Axirət günü əzabı gördükləri zaman münafiqlərin halı barədə xəbər verilir. O zaman qəlblərində küfrü, nifaqı və düşmənçiliyi gizlədənlərin aqibəti özlərinə görünəcək. Ən doğrusunu isə Allah bilir.
“Xeyr! Daha öncə gizlətdikləri günahlar onlara aşkar oldu” ayəsindəki “xeyr” inkarına gəlincə, onlar dünyaya qayıtmağı imana olan sevgi və rəğbətlərindən deyil, etdikləri küfrün cəzası olaraq şahidi olduqları əzabdan qorxduqları və gördükləri atəşdən xilas olmaq üçün istəyəcəklər. Bu səbəbdən Uca Allah ayənin davamında belə buyurur: “Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar”, yəni onların dünyaya qayıtmaq istəklərinin imana olan sevgi və rəğbətdən dolayı olması yalandır.
Sonra Uca Allah onlar dünya həyatına qaytarıldıqları zaman qadağan edilən küfr və dinə müxalif əməllərə mütləq dönəcəklərini xəbər verərək buyurur: “Şübhəsiz ki, onlar yalançıdırlar”, yəni onlar: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq” deməklə yalan danışırlar. Əksinə, onlar yenə də: “Həyat ancaq bu dünya həyatımızdan ibarətdir. Biz bir daha diriləcək deyilik!”– deyib onlara qadağan edilən əməllərə qayıdacaqlar. “Həyat ancaq bu dünya həyatımızdan ibarətdir”, yəni bu dünyadan başqa, həyat yoxdur, bundan sonra qayıdacaq bir yer yoxdur. Odur ki: “Biz bir daha diriləcək deyilik!” – deyəcəklər.
Sonra Uca Allah buyurur: “Sən onları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir görəydin!”, yəni onları sorğu-sual üçün Rəblərinin qarşısında saxlanıldıqları zaman görəydin. “Allah onlara: “Məgər bu dirilmə haqq deyilmi?!” – deyəcək”, yəni öldükdən sonra dirilmək və sorğu-sual haqq deyilmi? Bu, heç də sizin sandığınız kimi batil deyil. “Onlar: “Əlbəttə, Rəbbimizə and olsun ki, bu haqdır!” – deyəcəklər. Allah da: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!” – deyəcək”, yəni yalan saydığınıza görə Cəhənnəmin təmasını dadın! “Bəlkə, bu da sehrdir, yoxsa görmürsünüz?” (“ət-Tur”, 15).
 
əl-Ənam, 31-32
قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ حَتَّى إِذَا جَاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوا يَا حَسْرَتَنَا عَلَى مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَى ظُهُورِهِمْ أَلَا سَاءَ مَا يَزِرُونَ * وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقُونَ أَفَلَا تَعْقِلُونَ
31. Allahın qarşısında durmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Nəhayət, Qiyamət saatı onları qəflətən haqladıqda, onlar öz günahlarını bellərində daşıyaraq deyəcəklər: “Dünyada yaxşı əməlləri buraxdığımızdan dolayı vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir!
32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?!

 
Uca Allah bu ayədə bildirir ki, Qiyamət saatı qəflətən gəldikdə Onunla qarşılaşmağı yalan sayanlar dünyada yaxşı əməlləri buraxıb pis işlər gördüklərinə görə peşman olacaqlar. “Nəhayət, Qiyamət saatı onları qəflətən haqladıqda, onlar öz günahlarını bellərində daşıyaraq deyəcəklər: “Dünyada  yaxşı əməlləri buraxdığımızdan dolayı vay halımıza!”
Uca Allah buyurur: “Onların daşıdıqları şey necə də pisdir!”, yəni daşıdıqları günah yükü necə də pisdir! Qatədə demişdir: “Yəni etdikləri əməllər necə də pisdir!”
Uca Allah buyurur: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil”, yəni dünya həyatının böyük bir hissəsi yalnız oyun və əyləncədən ibarətdir. “Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?!”
 
əl-Ənam, 33-36
قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ * وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ فَصَبَرُوا عَلَى مَا كُذِّبُوا وَأُوذُوا حَتَّى أَتَاهُمْ نَصْرُنَا وَلَا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ وَلَقَدْ جَاءَكَ مِنْ نَبَإِ الْمُرْسَلِينَ * وَإِنْ كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُمْ بِآيَةٍ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَى فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ * إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ وَالْمَوْتَى يَبْعَثُهُمُ اللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ
33. Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Əslində, onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər.
34. Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.
35. Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa, yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!
36. Sənin çağırışını ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar Onun hüzuruna qaytarılacaqlar.

 
Uca Allah bu ayədə Öz Elçisinə ﷺ qövmünün onu yalançı sayması və ona qarşı çıxmasına görə təsəlli verərək: “Biz bilirik ki, onların dedikləri səni kədərləndirir” – buyurur. Yəni, qövmünün səni yalançı saymasını, sənin də onlara görə kədərləndiyini və təəssüfləndiyini Biz çox yaxşı bilirik. Uca Allah başqa ayələrdə belə buyurur: “Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir” (“Fatir”, 8); “Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?” (“əş-Şuəra”, 3); “Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?” (“əl-Kəhf”, 6).
Uca Allah buyurur: “Əslində, onlar səni yalançı hesab etmirlər”, yəni həqiqətdə onlar səni yalançı hesab etmirlər (qəlblərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər), “Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər”, yəni o zalımlar haqqa qarşı inadkarlıq göstərirlər və onu nəfslərindən uzaqlaşdırırlar. Necə ki Əli (Allah ondan razı olsun) Əbu Cəhlin Peyğəmbərə ﷺ belə dediyini rəvayət etmişdir: “Biz səni yalançı saymırıq, lakin sənin gətirdiklərini yalan sayırıq”. Uca Allah da: “Əslində, onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər” ayəsini nazil etdi”. Hədisi əl-Hakim rəvayət etmiş, sonra demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”. (əl-Hakim, 3230. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 5834).
Muhəmməd ibn İshaq Əbu Cəhlin Peyğəmbərin ﷺ Quran oxumasını dinləməyə gəldiyini əz-Zuhridən belə rəvayət etmişdir: “Gecə Əbu Cəhl, Əbu Sufyan Saxr ibn Hərb və əl-Əxnəs ibn Şəriq Peyğəmbərin ﷺ Quran oxumasını dinləməyə gəlmişdilər. Onlardan heç biri digərinin gəlişini hiss etməmişdi. Onlar səhərə qədər Peyğəmbərin ﷺ Quran oxumasını dinlədilər. Səhər açıldıqda dağılışdılar və yolda bir-biri ilə rastlaşdılar. Onlardan biri digərindən: “Səni bura gətirən səbəb nədir?” – deyə soruşdu, o da bura nə üçün gəldiyini dedi. Sonra onlar öz aralarında razılığa gələrək söz verdilər ki, bir daha bura qayıtmayacaqlar. Onlar qorxurdular ki, Qureyşin gəncləri onların bura gəldiklərindən xəbər tutar və bu, gənclərin İslama meyil etmələrinə səbəb olar. İkinci gecə onlardan hər biri, razılaşmaya görə, digərinin gəlməyəcəyini zənn edib təkrar gəldi. Səhər açıldıqda yenə yolda bir-biri ilə rastlaşdılar və bura gəldiklərinə görə biri-birilərini qınadılar. Sonra bir daha qayıtmayacaqlarına dair təkrar söz verdilər. Üçüncü gecə yenə gəldilər və səhər açıldıqda bu vəziyyətə bir daha düşməyəcəklərinə dair yenə söz verdilər. Sonra dağılışıb getdilər. 
Səhər açıldıqda əl-Əxnəs ibn Şəriq əsasını götürüb Əbu Sufyan ibn Hərbin evinə gəldi və ona dedi: “Ey Əbu Hənzalə, Muhəmməddən eşitdiyin Quran barədə fikrini mənə söylə”. Əbu Sufyan dedi: “Ey Əbu Sələbə, Allaha and olsun ki, eşitdiklərim arasında bildiyim və nə nəzərdə tutulduğunu anladığım şeylər olduğu kimi, mənasını və nə nəzərdə tutulduğunu anlaya bilmədiyim şeylər də var”. əl-Əxnəs dedi: “Sənin and içdiyinə (Allaha) and içirəm ki, mən də eləyəm”. Sonra əl-Əxnəs Əbu Sufyanın evindən çıxıb Əbu Cəhlin yanına gəldi və evinə girərək ondan: “Ey Əbul-Həkəm, Muhəmməddən eşitdiyin Quran barədə fikrin nədir?” – deyə soruşdu. Əbu Cəhl belə cavab verdi: “Nə eşitdim ki? Biz və Abdumənaf oğulları kimin daha şərəfli olması barədə mübahisə etdik (bir-birimizlə rəqabət apardıq). Onlar kasıbları yedirtdi, biz də yedirtdik. Onlar öhdələrinə bir çox işlər götürdü, biz də götürdük. Onlar kasıblara yardım etdi, biz də etdik. Nəhayət, diz üstə çöküb “yarış atlarına” çevrildiyimiz bir vaxtda onlar qalxıb: “Bizdən bir peyğəmbər çıxıb və göydən ona vəhy nazil olur” – dedilər. Biz bunu necə qəbul edək? Allaha and olsun ki, əsla ona iman gətirməyəcəyik və onu təsdiqləməyəcəyik!” Əbu Cəhl belə dedikdə əl-Əxnəs ayağa qalxdı və onun yanından çıxıb getdi”. (əl-Beyhəqi “Dələilun-Nubuvvə” 2/206; İbn Hişam “Sira” 2/157).
Uca Allah buyurur: “Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər”. Bu ayə qövmü tərəfindən yalançı hesab edilən Peyğəmbərə ﷺ təsəllidir. Uca Allah Peyğəmbərə ﷺ Ulul-Əzm (möhkəm iradəyə sahib olan) peyğəmbərlərin səbir etdikləri kimi səbir etməyi əmr edir və qövmləri tərəfindən yalançı hesab edilib şiddətli əziyyətə məruz qaldıqdan sonra Ulul-Əzm peyğəmbərlərə yardım edib gözəl aqibəti və zəfəri nəsib etdiyi kimi, ona da yardım edəcəyini, gözəl aqibəti və zəfəri vəd edir. Axirətdə qələbə peyğəmbərlərin olacağı kimi, dünyada da qələbə onların olacaq. Bu səbəbdən Uca Allah: “Heç kəs Allahın kəlmələrini dəyişə bilməz”– buyurur. Yəni, Allahın dünya və Axirətdə mömin qullarına yazdığı qələbəni heç kəs dəyişə bilməz. Necə ki başqa ayələrdə belə buyurur: “Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcək. Bizim ordumuz mütləq qalib gələcək” (“əs-Saffat”, 171-173); “Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir” (“əl-Mucadilə”, 21).
Uca Allah buyurur: “Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı”, yəni qövmləri tərəfindən yalançı sayılan peyğəmbərlərə qələbə çalmaqda necə yardım olunduğu və düşmənlərinə qarşı necə gücləndirildikləri sənə gəlib çatmışdır. Onlar sənə gözəl nümunə və örnəkdirlər. 
Sonra Uca Allah buyurur: “Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə...”, yəni əgər onların səndən üz çevirmələri sənə ağır və çətin gəlirsə, “onda bacarırsansa, yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən”. İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: “Lağım – yeraltı yoldur. Yəni yerin altına gedən bir yol açıb həmin yolla getməklə və ya bir nərdivan tapıb onunla göyə çıxmaqla, onlara bizim sənə verdiyimizdən daha yaxşı bir möcüzə gətirə bilərsənsə, durma, gətir!”  Qatədə, əs-Suddi və başqaları da ayəni bu şəkildə təfsir etmişlər.
Uca Allah buyurur: “Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!” Başqa bir ayədə isə buyurur: “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” (“Yunus”, 99). İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi” ayəsi barədə belə demişdir: “Allah Elçisi çox istəyirdi ki, bütün insanlar iman gətirib ona tabe olsunlar və doğru yolla getsinlər. Uca Allah isə yalnız Onun tərəfindən Lövhi-Məhfuzda qədərlərinə xoşbəxtlik yazılmış insanların iman gətirəcəklərini bildirdi”. (İbn Əbu Hatim, 7250, 7875; ət-Tabəri, 17909, 17992).
Uca Allah buyurur: “Sənin çağırışını ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər”, yəni ey Muhəmməd, sənin çağırışını yalnız deyiləni eşidib onu anlayan kəslər qəbul edər. Necə ki başqa bir ayədə belə buyurur: “Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin” (“Yasin”, 69-70).
“Ölülərə gəldikdə isə, Allah onları dirildəcək”. Bu ayədə kafirlər nəzərdə tutulur, çünki onların qəlbləri ölüdür. Bu səbəbdən Uca Allah onları ölü cəsədlərə bənzədərək: ”Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar Onun hüzuruna qaytarılacaqlar”– buyurur. Uca Allah bununla onlara istehza edir və onları alçaldır.
 
əl-Ənam, 37-39
وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَى أَنْ يُنَزِّلَ آيَةً وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ * وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ * وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ مَنْ يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَنْ يَشَأْ يَجْعَلْهُ عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ
37. Kafirlər dedilər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”.
38. Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar.
39. Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

 
Uca Allah burada müşriklər barədə xəbər verərək onların: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?”– dediklərini buyurur. Yəni, onlar Peyğəmbərdən ﷺ inadkarlıqla tələb etdikləri möcüzəni endirməsini istəyirdilər. Necə ki başqa ayədə müşriklərin belə dediklərini xəbər verir: “Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca, sənə iman gətirməyəcəyik”  (“əl-İsra”, 90).
Uca Allah buyurur: “De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”, yəni Uca Allah buna qadirdir, lakin Onun hikməti bunun gecikdirilməsini tələb edir, çünki əgər Uca Allah onların istəkləri ilə möcüzə endirsə və bundan sonra onlar iman gətirməsələr, keçmiş ümmətlərdə olduğu kimi, Uca Allah onların əzabını tezləşdirəcək. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk” (“əl-İsra”, 59); “Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi” (“əş-Şuəra”, 4).
Uca Allah buyurur: “Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir”. Mucahid demişdir: “Yəni onlar da adları ilə tanınan nəsillərdir”. (İbn Əbu Hatim, 7256; ət-Tabəri, 13211,  13263). Qatədə isə demişdir: “Quşlar bir ümmət, insanlar bir ümmət, cinlər isə bir ümmətdir”. (İbn Əbu Hatim, 7257; ət-Tabəri, 13213,  13265).
Uca Allah buyurur: “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq”, yəni hər şey barədə elm Allah dərgahındadır. İstər quruda olsun, istər dənizdə, Allah onlardan heç birinə ruzi verməyi və onları idarə etməyi əsla unutmaz. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-Məhfuzdadır)” (“Hud”, 6). Yəni, onların adlarını, saylarını və yerlərini aydın bilən, hərəkət və duruşlarını elmi ilə əhatə edən Odur. Uca Allah buyurur: “Neçə-neçə canlı var ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir”  (“əl-Ənkəbut”, 60).
Uca Allah buyurur: “Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar”. İbn Əbu Hatim İbn Abbasın (Allah ondan razı olsun) bu ayə barədə belə dediyini rəvayət etmişdir: “Onların (heyvanların) toplanması ölümləridir”. (İbn Əbu Hatim, 7261, 10400; ət-Tabəri, 36766). İbn Cərir də eyni təfsiri İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir.
İkinci rəyə görə isə hayvanların toplanmaları Qiyamət günü dirildilmələridir. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Vəhşi heyvanlar (Qiyamət günü bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman...” (“ət-Təkvir”, 5). İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ bir-biri ilə buynuzlaşan iki qoç gördü və Əbu Zərdən: “Ey Əbu Zərr, bunların nə üçün buynuzlaşdıqlarını bilirsənmi?” – deyə soruşdu. Əbu Zərr: “Xeyr”, – deyə cavab verdikdə, Peyğəmbər ﷺ dedi: “Allah isə bunu bilir və onların aralarında hökm edəcəkdir”. (Əhməd, 21438, 21476, 21769. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 1588-ci hədisin haşiyəsi). Eyni hədisi İbn Cərir bu cümləni artırmaqla rəvayət etmişdir: “Əbu Zərr dedi: “Peyğəmbər ﷺ bizi tərk etdikdə (vəfat etdikdə) göydə uçan elə bir ikiqanadlı quş yox idi ki, onun barəsində bizə bir məlumat vermiş olmasın”. (Əhməd (5/153-162 Hələbi nəşri); ət-Tabəri (13223, 13224). Hədisin isnadlarında ravilər arasında əlaqə kəsikliyi olduğuna görə zəiflik var. Həmçinin bəzi ravilər hədisi səhv rəvayət etmişlər, lakin Əbu Zərin (Allah ondan razı olsun): “Peyğəmbər ﷺ bizi tərk etdikdə (vəfat etdikdə) göydə uçan elə bir ikiqanadlı quş yox idi ki, onun barəsində bizə bir məlumat vermiş olmasın” sözü səhihdir. Bax: “Təfsir ət-Tabəri” (11/590); “Məcməuz-Zəvaid” (8/263-264). (Əhməd Şakir). Əlavə olaraq bax: “Təliqat əl-Həssən alə Sahih İbn Hibban” (65). ət-Tabəri, 13276; Əhməd, 21439, 21477, 21770; ət-Tayəlisi, 481. Şueyb əl-Arnavut hədisin həsən olduğunu bildirmişdir).
Abdur-Razzəq rəvayət etmişdir ki, Əbu Hureyra (Allah ondan razı olsun) Uca Allahın “Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar” ayəsi barədə belə demişdir: “Bütün yaradılanlar – heyvanlar, quşlar və hər bir canlı Qiyamət günü bir yerə toplanacaq. O gün Uca Allahın ədaləti o dərəcədə olacaq ki, hətta buynuzsuz qoçu vurduğuna görə buynuzlu qoçdan onun haqqını alacaq. Sonra Uca Allah heyvanlara: “Torpaq olun!” – deyəcək. Məhz bu vaxt kafir: “Kaş mən torpaq olaydım!” (“ən-Nəbə”, 40) – deyəcəkdir”. (Abdur-Razzəqin rəvayət etdiyi isnad səhihdir. Həmçinin hədisi ət-Tabəri (13222) və əl-Hakim (2/316) rəvayət etmişlər. əl-Hakim hədisin Muslimin şərtinə görə, səhih olduğunu bildirmiş və əz-Zəhəbi onunla razılaşmışdır. Hədis Əbu Hureyranın (Allah ondan razı olsun) sözü olsa da, mənaca oxşar hədis Peyğəmbərdən ﷺ rəvayət edilmişdir. Əhməd “əl-Musnəd” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Qiyamət günü hər haqq sahibinin haqqını mütləq ödəyəcəksiniz. Hətta buynuzsuz qoç onu vurduğuna görə buynuzlu qoçdan qisas alacaq”. (Əhməd Şakir). əl-Hakim, 3231; əl-Beyhəqi “əl-Bəas van-Nuşur” 377; ət-Tabəri, 13274. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 1966-cı hədisin haşiyəsi).
Uca Allah buyurur: “Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır”, yəni onların cahil olmalarının, elmlərinin az olmasının və anlayışlarının olmamasının məsəli eşitməyən karın və danışa bilməyən lalın məsəlinə bənzəyir. Bununla yanaşı, onlar zülmət içindədirlər və heç nəyi görmürlər. Halı belə olan doğru yolu necə tapacaq və ya düşdüyü zəlalətdən necə çıxacaq? Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Onların misalı zülmət gecədə od qalayan kimsənin misalına bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar. Onlar kar, lal və kordurlar. Odur ki, doğru yola qayıtmazlar” (“əl-Bəqərə”, 17-18); “Yaxud, onların əməlləri əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud var; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməzsə, onun nuru olmaz” (“ən-Nur”, 40).
Bu səbəbdən ayənin sonunda: “Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər” – buyurur. Yəni yaratdıqları arasında istədiyi kimi hökm edən Odur.
 
əl-Ənam, 40-45
 قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِنْ كُنْتُمْ صَادِقِينَ * بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاءَ وَتَنْسَوْنَ مَا تُشْرِكُونَ * وَلَقَدْ أَرْسَلْنَا إِلَى أُمَمٍ مِنْ قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ * فَلَوْلَا إِذْ جَاءَهُمْ بَأْسُنَا تَضَرَّعُوا وَلَكِنْ قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ * فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ * فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
40. De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, Allahdan başqasınımı çağıracaqsınız?”
41. Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.
42. Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə, boyun əyələr.
43. Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi.
44. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
45. Beləliklə də, zalım qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi Allaha məxsudur!

 
Uca Allah bu ayədə bildirir ki, O, istədiyini edir, yaratdıqları arasında istədiyi kimi hökm verir, heç kəs Onun hökmünü ləğv edə bilməz, Onun yaratdıqları barədə verdiyi hökmü heç kəs dəyişə bilməz. O, təkdir, şəriki yoxdur, Ondan bir şey dilədikdə istədiyi kəsin diləyini verir. Bu səbəbdən buyurur: “De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, ...”, yəni ya bu, ya da digəri baş versə, “Allahdan başqasınımı çağıracaqsınız?”, yəni Ondan başqa heç kimin bunu dəf etməyə gücü yetməyəcəyini bildiyiniz üçün başqasını çağırmazsınız. Buna görə də buyurur: “Doğru danışanlarsınızsa”, yəni Allahla yanaşı başqa məbuda ibadət etməkdə haqlısınızsa. “Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız”, yəni ehtiyac içində olduqda Ondan başqa heç kimi çağırmırsınız. Bütləriniz və Allaha tay tutduqlarınız yox olur. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar” (“əl-İsra”, 67).
Uca Allah buyurur: “Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz o ümmətləri sıxıntıya”, yəni kasıbçılığa, qıtlığa “və xəstəliyə düçar etdik ki, bəlkə, boyun əyələr”, yəni bəlkə, Allaha dua edərlər və Ona yalvararlar.
Uca Allah buyurur: “Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər?”, yəni onları bununla sınadığımız zaman Bizə yalvarmalı və Bizə sarılmalı deyildilərmi? “Onların qəlbləri sərtləşdi”, yəni qəlbləri yumşalmadı və boyun əymədilər, “şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi”, yəni şeytan Allaha şərik qoşmağı və günahları onlara bəzəyib gözəl göstərdi.
Uca Allah buyurur: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman...”, yəni onlar özlərinə xatırladılan şeylərdən üz çevirib, guya unutmuşlar kimi ona arxa çevirdikdə “hər şeyin qapılarını onların üzünə açdıq”, yəni arzuladıqları hər ruzinin qapılarını onların üzünə açdıq. Bu, Uca Allahın onları tədricən tovlayıb məhvə aparması və onlara möhlət verməsidir. Allahın hiyləsindən Onun Özünə sığınırıq. “Özlərinə verilən şeylərə sevindikləri vaxt isə...”, yəni özlərinə verilən mal, övlad və ruzilərə sevindikdə “onları qəflətən yaxaladıq”, yəni qəflət halında yaxaladıq “və onlar naümid qaldılar”, yəni bütün xeyirlərdən ümidləri üzülmüş halda qaldılar. əl-Həsən əl-Bəsri demişdir: “Allah kimin ruzisini artırar və o, bunun imtahan olduğunu düşünməzsə, onun sağlam düşüncəsi yoxdur. Allah kimin ruzisini daraldar və o, bununla ona yardım edildiyini düşünməzsə, onun da sağlam düşüncəsi və ağlı yoxdur”. Sonra əl-Həsən əl-Bəsri bu ayəni oxudu: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar”. Həmçinin əl-Həsən demişdir: “Kəbənin Rəbbinə and olsun ki, istədikləri özlərinə verilib, sonra onlardan geri alınan qövm (Allah tərəfindən) hiylə ilə əzaba uğradılmışdır”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Əbu Hatim, 7293).
Qatədə demişdir: “Allahın əmri (əzabı) qövmə qəflətən gəlir. Uca Allahın əzabı bir  qövmü yalnız onlar gözləmədikləri halda, sərxoşluqları və bol nemət içində olduqları zaman yaxalayar. Odur ki, heç vaxt Allahın əzabından arxayınlaşıb Allahın neməti ilə qürurlanmayın. Allahın neməti ilə yalnız günahkar qövm qürurlanar”. Bunu da İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Əbu Hatim, 7294).
İmam Əhməd Uqbə ibn Amirdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Əgər Allahın bir bəndəyə dünyada günah işlər etməsinə baxmayaraq, istədiyi hər şeyi verdiyini görsən, bil ki, Allah bununla onu tovlayıb tədricən məhvə aparır”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar”. Hədisi İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. (Əhməd (17382); ət-Tabəri (13240, 13241). Əhmədin rəvayət etdiyi hədisin isnadında Ruşdeyn ibn Sad var və o, zəif ravidir. ət-Tabərinin iki isnadı keçərlidir. Bu iki isnad Ruşdeynin rəvayətini gücləndirir. Xüsusilə də Ruşdeynin zəifliyi onun hafizəsinin zəif olmasına və hədisləri qarışdırmasına görə idi. Lakin özü əməlisaleh insan olub. (Əhməd Şakir). Əhməd, 17311, 17349, 17444. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 413).
İbn Əbu Hatim Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah bir qövmün qalmasını və ya artmasını istəyərsə, onlara qənaətcillik və səxavət verər. Allah bir qövmün kökünü kəsmək istəsə, onlara xəyanət qapısını açar”. Uca Allah buyurur: “Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar”. Necə ki növbəti ayədə buyurur: “Beləliklə də, zalım qövmün kökü kəsildi. Həmd aləmlərin Rəbbi Allaha məxsudur!” Hədisi Əhməd və başqaları rəvayət etmişlər. (Hədisin isnadı zəifdir. Hədis Əhmədin “əl-Musnəd” əsərində yoxdur. Hədisi əs-Suyuti (3/12) qeyd etmiş və yalnız İbn Əbu Hatimə, Əbuş-Şeyxə və İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 7283. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6163).
 
əl-Ənam, 46-49
قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَى قُلُوبِكُمْ مَنْ إِلَهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِهِ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ * قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الظَّالِمُونَ * وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنْذِرِينَ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ * وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوا يَفْسُقُونَ
46. De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər.
47. De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım qövmdən başqası həlak edilərmi?”
48. Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
49. Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır.

 
Uca Allah bu ayələrdə Öz Elçisinə ﷺ müraciət edərək Onun Kitabına qarşı çıxıb, onu yalan sayanlara belə deməsini əmr edir: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, ...”, yəni sizə verdiyi kimi əlinizdən alarsa. Çünki “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (“əl-Mulk”, 33).
Ola bilsin, burada onların gördüklərindən və eşitdiklərindən faydalana bilməyəcəkləri nəzərdə tutulur. Bu səbəbdən Uca Allah ayənin davamında: “...qəlblərinizə möhür vursa” – buyurur. Necə ki başqa ayələrdə belə buyurur: “Qulaqlara və gözlərə hakim olan kimdir?” (“Yunus”, 31); “Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanacaqsınız”. (“əl-Ənfal”, 24).
Uca Allah buyurur: “Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?”, yəni Allah verdiklərini sizdən alsa, onları sizə qaytarmağa Allahdan başqa kimin gücü çatar? Sözsüz ki, Allahdan başqa heç kimin buna gücü çatmaz. Bu səbəbdən Uca Allah buyurur: “Bax gör, Biz ayələri necə izah edirik...”, yəni Allahdan başqa haqq ilahın olmadığını, müşriklərin Ondan başqa ibadət etdikləri ilahların batil və tutduqları yolun azğınlıq olduğunu göstərmək üçün bunları sizə bəyan edib açıqlayırıq. “Sonra onlar yenə üz çevirirlər”, yəni bu açıqlamadan sonra onlar yenə haqdan üz çevirirlər və insanları haqqa tabe olmaqdan daşınmağa çağırırlar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni haqdan yayınırlar”. Mucahid və Qatədə demişlər: “Yəni üz döndərirlər”. əs-Suddi isə demişdir: “Yəni insanları haqdan sapdırırlar”.
Uca Allah buyurur: “De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən...”, yəni siz onu hiss etmədən, qəflətən “və ya açıq-açığına gəlsə...”, yəni aşkar gələrsə, “zalım qövmdən başqası həlak edilərmi?” Yəni Allahın əzabı Allaha şərik qoşduqlarına görə yalnız zalımları əhatə edər, Allaha şərik qoşmadan tək Ona ibadət edənlər isə bu əzabdan xilas olarlar. Onların heç bir qorxusu yoxdur və onlar kədərlənməzlər. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır”. (“əl-Ənam”, 82).
Uca Allah buyurur: “Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk”, yəni Biz peyğəmbərləri yalnız Allahın mömin qullarını xeyirlə müjdələmək, Allahı inkar edənləri isə əzab və cəzalarla qorxutmaq üçün göndəririk. “İman gətirib əməllərini islah edənlərin”, yəni peyğəmbərlərin gətirdiklərinə qəlbən iman gətirib, onlara tabe olmaqla əməllərini islah edənlərin “heç bir qorxusu yoxdur”, yəni qarşıda (öldükdən sonra) başlarına gələcək şeylər barəsində heç bir qorxusu yoxdur “və onlar kədərlənməyəcəklər”, yəni (öldükdən sonra) ötüb keçənlərə və arxalarında qoyduqları dünya işlərinə görə kədərlənməyəcəklər. Çünki onların arxada qoyub getdiklərinin (ailə, mal-dövlət) himayədarı və tərk etdiklərinin qoruyucusu Allahdır.
Sonra Uca Allah buyurur: “Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır”, yəni peyğəmbərlərin gətirdikləri xəbərləri inkar edib Allahın əmrlərindən və itaətindən çıxdıqlarına, Allahın haram buyurduğu və qadağan etdiyi əməlləri işlətdiklərinə və Allahın qoyduğu hədləri aşdıqlarına görə əzab onları haqlayacaq.
 
əl-Ənam, 50-54
قُلْ لَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ أَفَلَا تَتَفَكَّرُونَ * وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَى رَبِّهِمْ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ * وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِمْ مِنْ شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ * وَكَذَلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِيَقُولُوا أَهَؤُلَاءِ مَنَّ اللَّهُ عَلَيْهِمْ مِنْ بَيْنِنَا أَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ * وَإِذَا جَاءَكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلَامٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَنْ عَمِلَ مِنْكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَحِيمٌ
50. De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”
51. Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə, pis əməllərdən çəkinələr.
52. Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata, azca da olsa, cavabdehsən, nə də onlar sənin verəcəyin hesabata, azca da olsa, cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.
53. Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlaramı lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?
54. Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.

 
Uca Allah Elçisinə ﷺ müraciət edərək ona belə əmr edir: “De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır”, yəni mən Allahın xəzinələrinə sahib deyiləm. Onları idarə edən də mən deyiləm. “Mən qeybi də bilmirəm”, yəni mən qeybi bildiyimi də demirəm. Qeybi yalnız Allah bilir. Allahın mənə bildirdiyindən başqa, qeybdən heç bir şey bilmirəm. “Mən sizə demirəm ki, mən mələyəm”, yəni mən mələk olduğumu iddia etmirəm. Mən yalnız bir bəşər övladıyam və mənə Uca Allah tərəfindən vəhy olunur. Allah məni bununla şərəfləndirmiş və bununla mənə nemət vermişdir. “Mən yalnız mənə vəhy olunana tabe oluram”, yəni mən mənə vəhy olunandan nə bir qarış, nə də bundan daha az kənara çıxmıram. "De: “Məgər korla görən eyni ola bilərmi?”, yəni haqqa tabe olub ona yönələn ilə haqdan sapan və ona tabe olmayan bir ola bilərmi? “Məgər düşünmürsünüz?” Bu ifadə Uca Allahın bu sözünə bənzəyir: “Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar” (“ər-Rəd”, 19).
Uca Allah buyurur: “Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır”, yəni ey Muhəmməd, sən bu Quran ilə “Rəbbinin qorxusundan əsim-əsim əsənlər”i (“əl-Muminun”, 57), "Rəbbindən qorxan və pis haqq-hesabdan çəkinənlər"i (“ər-Rəd”, 21) xəbərdar et. “Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki...”, yəni Qiyamət günü Rəbblərinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, “Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır”. Yəni, o gün Allahın onlar üçün nəzərdə tutduğu əzabdan xilas olmaq üçün nə bir yaxınları, nə də bir şəfaətçiləri vardır. “Bəlkə, pis əməllərdən çəkinələr”, yəni Allahdan başqa heç bir hakimin olmayacağı o günlə onları xəbərdar et. “Bəlkə, pis əməllərdən çəkinələr”, yəni bəlkə, bu dünyada Qiyamət günü onları Allahın əzabından xilas edəcək və savablarını qat-qat artıracaq əməllər edərlər.
Uca Allah buyurur: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma”, yəni bu sifətlərə sahib olanları ətrafından uzaqlaşdırma. Əksinə, onları birlikdə oturduğun yaxın dostlarından et. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!” (“əl-Kəhf”, 28).
Uca Allah buyurur: “Səhər və axşam çağı Ona dua edənləri yanından qovma”, yəni səhər-axşam Rəbbinə ibadət edib Ona dua edənləri yanından qovma. Səid ibn əl-Museyyib, Mucahid, əl-Həsən və Qatədə burada fərz namazlarının nəzərdə tutulduğunu demişlər. Bu, Uca Allahın: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (“Ğafir”, 60) ayəsi kimidir. Yəni, Mənə dua edin, Mən də sizin duanızı qəbul edim.
Uca Allah buyurur: “Rəbbinin Üzünü diləyərək”, yəni onlar bu əməlləri ilə Uca Allahın Üzünü diləyərlər. Onlar, yerinə yetirdikləri ibadət və itaətlərdə ixlas sahibidirlər.
Uca Allah buyurur: “Nə sən onların verəcəkləri hesabata, azca da olsa, cavabdehsən, nə də onlar sənin verəcəyin hesabata, azca da olsa, cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan”. Nuh (ona salam olsun) da ona: “Sənə ən rəzil adamlar tabe olduğu halda, biz sənə inanarıqmı?” – deyənlərə cavab olaraq belə demişdi: “Mən onların nə etdiklərini bilmirəm. Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!” (“əş-Şuəra”, 111-113). Yəni, onların haqq-hesabı yalnız Allaha aiddir. Mənim haqq-hesabımın onlara heç bir aidiyyəti olmadığı kimi, onların haqq-hesabının da mənə heç bir aidiyyəti yoxdur. “Onları qovsan, zalımlardan olarsan”, yəni bu vəziyyətdə bunu etsən, zalımlardan olarsan.
İmam Əhməd İbn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Qureyşlilərdən ibarət bir dəstə Peyğəmbərin ﷺ yanından keçirdi. Peyğəmbərin ﷺ yanında Xabbəb, Suheyb ər-Rumi, Bilal və Əmmar vardı. Qureyşlilər: “Ey Muhəmməd, ətrafında bunların olmasından razısanmı?” – dedilər. Onlar barəsində Quranın bu ayələri nazil oldu: “Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə, pis əməllərdən çəkinələr. Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata, azca da olsa, cavabdehsən, nə də onlar sənin verəcəyin hesabata, azca da olsa, cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan. Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlaramı lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?”
Hədisi İbn Cərir İbn Məsuddan (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Qureyşlilərdən ibarət bir dəstə Peyğəmbərin ﷺ yanından keçirdi. Peyğəmbərin ﷺ yanında Suheyb, Bilal, Əmmar, Xabbəb və başqa kasıb səhabələr vardı. Qureyşlilər: “Ey Muhəmməd, qövmündən daha çox bunlardanmı razı qaldın? Məgər Allah bizim aramızdan ancaq bunlaramı lütf göstərmişdir ki, bunların ardınca gedək? Onları ətrafından qov! Əgər onları qovsan, bəlkə sənin ardınca gedərik” – dedilər. Onlar barədə Uca Allahın “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma” ayəsi, ta ki “Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq” sözünə qədər nazil oldu”. (Əhməd (3985); ət-Tabəri (13255). Hər iki isnad səhihdir. (Əhməd Şakir). ət-Tabəri, 13307. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir. Hədis bu mətnlərlə zəif olsa da, digər hədislər bu hadisənin baş verdiyini bildirir. Rəvayət edilir ki, Sad (Allah ondan razı olsun) Uca Allahın: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma…” (“əl-Ənam”, 52) ayəsi haqda demişdir: “Bu ayə altı nəfər barəsində nazil oldu. Mən və İbn Məsud həmin altı nəfərdən idik. Müşriklər Peyğəmbərə ﷺ: “Onları yanından qov!” – dedilər (və bu ayə nazil oldu)”. (Muslim, 4433, 6393); Başqa bir hədisdə deyilir: Rəvayət edilir ki, Sad (Allah ondan razı olsun) demişdir: “Biz altı nəfər Peyğəmbərlə ﷺ bir yerdə idik. Müşriklər Peyğəmbərə ﷺ dedilər: “Bunları özündən uzaqlaşdır ki, cürət edib bizə qarşı çıxmasınlar”. Bu zaman mən, İbn Məsud, Huzeyl qəbiləsindən olan bir kişi, Bilal və adlarını bilmədiyim iki kişi onunla birlikdə idik. Peyğəmbər ﷺ bizi öz yanından uzaqlaşdırıb-uzaqlaşdırmayacağı barədə fikirləşdikdə Uca Allah bu ayəni nazil etdi: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma…” (“əl-Ənam”, 52)”. (Muslim, 4434, 6394; İbn Macə, 4128).
Sad (Allah ondan razı olsun) rəvayət edir ki, bu ayə Peyğəmbərin ﷺ səhabələrindən altı nəfər barədə nazil olmuşdur. Onlardan biri də İbn Məsud idi. Biz hamıdan erkən Peyğəmbərin ﷺ yanına gələr, daim ona yaxın olar və ondan hədislər dinləyərdik. Qureyş müşrikləri dedilər: “Muhəmməd bunları özünə bizdən daha yaxın bilir”. Uca Allah da bu ayəni nazil etdi: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma...”. Hədisi əl-Hakim rəvayət etmiş və demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə uyğundur”. Hədisi İbn Hibban da “Səhih” əsərində rəvayət etmişdir. (əl-Mustədrək (3/319). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. Əslində, hədis Muslimin “Səhih” əsərindədir (2/240). Hədisi ət-Tabəri (13263) də rəvayət etmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki...”, yəni insanları bir-biri ilə imtahan etdik ki, “onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlaramı lütf göstərmişdir?” Çünki peyğəmbərliyin başlanğıcında Allah Elçisinə ﷺ tabe olanların əksəriyyəti zəif qadın və kişilər, habelə kölə qadın və kişilər idi. Həmin vaxtlar Peyğəmbərə ﷺ çox az sayda adlı-sanlı insan tabe olmuşdu. Nuhun qövmü də ona belə demişdi: ”Biz səni özümüz kimi, sadəcə, bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik” (“Hud”, 27). Rum hökmdarı Heraklın Əbu Sufyana verdiyi suallardan biri də belə olmuşdu: “Onun (Peyğəmbərin ﷺ) ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləri?” Əbu Sufyan da: “Xeyr, xalqın zəifləridir”– deyə cavab vermişdi. Herakl: “Onlar peyğəmbərlərin tabeçiləridir”– demişdi. (əl-Buxari, 7).
Ayədə nəzərdə tutulan məna budur: Qureyş müşrikləri Peyğəmbərə ﷺ iman gətirən zəiflərə lağ edir, əllərinə keçdikdə onlardan bəzilərinə işgəncə verirdilər. Onlar deyirdilər: “Məgər Allah bizim aramızdan ancaq bunlaramı lütf göstərmişdir?”, yəni, əgər tutduqları yol xeyirli olsaydı, Allah bizi qoyub, bunları xeyirə yönəltməzdi. Necə ki belə deyirdilər: “Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” (“əl-Əhqaf”, 11). Həmçinin Uca Allah başqa bir ayədə belə buyurur: “Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?” (“Məryəm”, 73). Uca Allah bunu deyənlərə cavab olaraq belə buyurur: “Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik” (“Məryəm”, 74). Uca Allah: “Məgər Allah bizim aramızdan ancaq bunlaramı lütf gös-tərmişdir?” – deyənlərə cavab olaraq isə belə buyurur: “Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?” Yəni, Uca Allah həm dildə, həm də qəlbdə Allaha şükür edənləri ən yaxşı tanıyan deyilmi? Uca Allah onları xeyirə müvəffəq edib əmin-amanlığa qovuşduracaq, onları zülmətlərdən işığa çıxaracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir. Necə ki başqa bir ayədə belə buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah saleh əməl sahibləri ilədir” (“əl-Ənkəbut”, 69). Səhih bir hədisdə belə buyurulur: “Allah sizin zahiri görünüşünüzə və rənglərinizə deyil, qəlblərinizə və əməllərinizə baxar”. (Əhməd (7814); Muslim (2/280). Hər ikisi Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişlər. Onların rəvayəti belədir: “Allah sizin zahiri görünüşünüzə və mallarınıza deyil...”. Hədis doğru şəkildə “əl-Bəqərə” surəsinin 275-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir).
Uca Allah buyurur: “Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: “Sizə salam olsun! ...”, yəni salamlarına cavab verməklə, onlara ehtiram göstər, onları Allahın geniş və hər şeyi əhatə edən mərhəməti ilə müjdələ. Bu səbəbdən Uca Allah buyurur: “Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır...”. Yəni, Uca Allah Özünə rəhmli olmağı vacib etmişdir. Bu, Uca Allahın yaratdıqlarına olan lütfü, yaxşılığı və nemətidir.
Uca Allah buyurur: “...sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, ...”. Bəzi sələf alimləri demişlər: “Allaha asilik edən hər kəs avam sayılır”. İkrimə demişdir: “Dünya həyatının hamısı avamlıqdır”. İkrimənin bu sözünü İbn Əbu Hatim rəvayət etmişdir. (İbn Əbu Hatim, 7351).
Uca Allah buyurur: “...sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağış-layar...”, yəni etdiyi günahlardan dönərsə, bu günahları tərk edib, bir daha onlara dönməməyə əzm edərsə və gələcəkdə edəcəyi əməlləri düzəldərsə, şübhəsiz ki, Allah Onu bağışlayar. “Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah məxluqatı yaratdığı zaman Öz yanında Ərşin üzərində yerləşən Kitabında Özünə aid belə yazmışdır: “Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!” Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Əhməd (8112) Həmməm ibn Munəbbihin səhifəsində rəvayət etmişdir. əl-Buxari və Muslimin rəvayəti “əl-Ənam” surəsinin 12-ci ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 2955, 3194; Muslim, 4941, 7147). Bu mənada olan hədislər Uca Allahın: “Mərhəmətim isə hər şeyi əhatə edir” (“əl-Əraf”, 156) ayəsinin təfsirində geniş olaraq yer alacaq.
Bu ayəyə münasib olan hədislərdən biri də Peyğəmbərin ﷺ Muaz ibn Cəbələ (Allah ondan razı olsun) belə deməsidir: “Bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir? Allahın qulları üzərindəki haqqı qulların Ona ibadət edib, heç nəyi Ona şərik qoşmamalarıdır. Bunu etdikləri təqdirdə qulların Allah üzərindəki haqqı nədir, bilirsənmi? Onlara əzab verməməsidir”. Hədisi İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. (Muazın hədisi “ən-Nisa” surəsinin 36-cı ayəsinin təfsirində keçmişdir. Eyni hədisi Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir (13778). Əbu Hureyranın rəvayəti isə “əl-Musnəd” əsərindədir (8071, 10808, 10931). (Əhməd Şakir).
 
əl-Ənam, 55-59
وَكَذَلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ * قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ قُلْ لَا أَتَّبِعُ أَهْوَاءَكُمْ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ * قُلْ إِنِّي عَلَى بَيِّنَةٍ مِنْ رَبِّي وَكَذَّبْتُمْ بِهِ مَا عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ يَقُصُّ الْحَقَّ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ * قُلْ لَوْ أَنَّ عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الْأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ وَاللَّهُ أَعْلَمُ بِالظَّالِمِينَ * وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
55. Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.
56. De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”.
57. De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu yalan saydınız. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”.
58. De: “Əgər səbirsizliklə can atdığınız əzab mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.
59. Qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

 
Uca Allah bu ayələrdə buyurur ki, əvvəlki ayələrdə doğru yolu göstərən dəlilləri bəyan edib haqq barədə mübahisə etməyi və inadkarlıq göstərməyi pislədiyimiz kimi, eləcə də ”Biz ayələrimizi belə müfəssəl izah edirik ki...”, yəni xitab olunanların açıqlanmasına ehtiyac duyduqları ayələrimizi belə müfəssəl izah edirik ki, “günahkarların yolu açıq-aydın bilinsin”, yəni peyğəmbərlərə qarşı çıxan günahkarların yolu aydın olsun. Bu ayə həmçinin bu şəkildə oxunmuşdur: وَلِتَسْتَبِينَ سَبِيلَ الْمُجْرِمِينَ [və litəstəbi:nə səbi:ləl-mucrimi:n], yəni sən ey Muhəmməd və ya ey ayədə xitab olunan kəs, günahkarların yolunu bəyan edəsən. (İkinci qiraət Nafi və Əbu Cəfərin qiraətidir. Birinci qiraət isə İbn Kəsir, Əbu Amr, İbn Amir və Hafsın qiraətidir. (Əhməd Şakir).
Uca Allah buyurur: “De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram” (İbn Kəsir 56-cı ayənin təfsiri barədə heç nə qeyd etməmişdir, lakin biz fayda üçün dövrümüzün böyük təfsir alimi Abdur-Rahmən əs-Sadinin bu ayənin təfsiri barədə dediklərini qeyd edirik:
“Uca Allah buyurur: “De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”.
“Yəni, ey Peyğəmbər! Allahla yanaşı, başqa məbudlara ibadət edən müşriklərə de ki: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”,  yəni mənə sizin Allaha şərik qoşaraq ibadət etdiyiniz nə bir xeyir, nə də bir zərər verə bilməyən, nə öldürməyə, nə də həyat verməyə qadir olmayan bütlərə və heykəllərə ibadət etmək qadağan edilmişdir. Sizin əməliniz batildir, belə etməkdə sizin nəinki inandırıcı, hətta şübhəli dəlilləriniz belə yoxdur. Siz yalnız öz nəfsi istəklərinizə uyursunuz. Nəfsin istəklərinə uymaq isə ən böyük azğınlıqdır. Bu səbəbdən Uca Allah ayədə buyurur: “De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən”, yəni, əgər mən sizin nəfslərinizin istəklərinə uysam, “haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”. Mən tövhidə (Allahı ibadətdə, Ad və Sifətlərində təkləşdirməyi) etiqad edirəm, əməllərimi səmimi qəlbdən tək Allah üçün edirəm. Haqq olan yol budur, çoxsaylı sübutlar və inkarolunmaz dəlillər də məhz bu yolun doğruluğuna dəlalət edir”), yəni Allahın mənə vəhy etdiyi şəriəti mötəbər dəlillərə əsaslanaraq təbliğ edirəm. “Siz isə onu yalan saydınız”, yəni siz isə Allahdan mənə gələn haqqı yalan saydınız. “Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur”, yəni bu işlər yalnız Allaha aiddir. İstəsə, sizin can atdığınız əzabı tezləşdirər, istəsə də, yalnız Özünün bildiyi böyük hikmətlərə görə onu gecikdirib təxirə salar. Bu səbəbdən Uca Allah: “Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır” – buyurur, yəni O, qulları arasında hökm edənlərin ən yaxşısıdır.
Uca Allah buyurur: “De: “Əgər səbirsizliklə can atdığınız əzab mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı”, yəni, əgər sizin səbirsizliklə can atdığınız əzab məndə olsaydı, layiq olduğunuzu sizə verərdim. “Allah zalımları daha yaxşı tanıyır”.
Əgər soruşulsa ki, bu ayə ilə əl-Buxari və Muslimin Aişədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisi necə cəm etmək olar? Həmin hədisdə Aişə Peyğəmbərdən ﷺ soruşmuşdur: “Sənin Uhud günündən (Uhud döyüşündə müsəlmanlar məğlubiyyətə uğramış və bu döyüşdə səhabələrdən yetmiş nəfər şəhid olmuşdur). daha ağır bir günün olubmu?” Peyğəmbər ﷺ demişdir: “Mən artıq sənin həmqəbilələrindən (Yəni, ərəblərdən) çəkdiyimi çəkmişəm. Ən çox əziyyət çəkdiyim gün isə Əqəbə günü/* Çox güman ki, burada Peyğəmbərin ﷺ Taifdə olduğu zaman taiflilər tərəfindən çox şiddətli təzyiqlərə məruz qalması nəzərdə tutulur) olmuşdur. O vaxt ki, mən İbn Abdu-Yalil ibn Abdu-Kulalədən (İbn Abdu-Yalil ibn Abdu-Kulalə Taifin yaxınlığında yerləşən Səqif qəbiləsinin başçılarından biri olmuşdur). məni himayə etməsini xahiş etdim, lakin o, mənə dəstək vermədi. Mən iztirab çəkə-çəkə geri döndüm və ancaq Qərnis-Səalibə/* Bu, Məkkə ilə Taif arasında yerləşən dağın adıdır. Bura, həmçinin Qərnul-Mənazil də deyilir. Nəcd əhalisinin miqatı sayılır. Nəcd istiqamətindən həcc və ümrə üçün gələnlər buradan ihrama girirlər). gəlib çatdıqda özümə gəldim. Həmin vaxt mən başımı yuxarı qaldırıb üstümə kölgə salan bir bulud gördüm. Mən buluda diqqət yetirdikdə içində Cəbraili gördüm. O, məni səsləyib dedi: “Allah sənin həmqəbilələrinin nə dediklərini və sənə necə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mələyini sənin yanına göndərib ki, onları bəlaya düçar etmək xüsusunda istədiyini bu mələyə əmr edəsən”. Dağlar mələyi mənə salam verdikdən sonra dedi: “Ey Muhəmməd, Allah sənin həmqəbilələrinin nə dediklərini eşitdi. Allah məni sənin yanına göndərib ki, istədiyini mənə buyurasan! İstəyirsənsə, bu iki dağı (Hədisdə “iki dağ” deyildikdə, Məkkədə yerləşən Əbu Qubeys və Queyqan dağları nəzərdə tutulur) onların başına uçurum!” Peyğəmbər ﷺ dedi: “Xeyr, mən ancaq onu diləyirəm ki, Allah onların belindən tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin!” (əl-Buxari, 2992, 3231; Muslim, 3352, 4754). Hədisin mətni Muslimindir. (Muslim (2/68 Bulaq nəşri); əl-Buxari (6/224-225 Fəthul-Bari). (Əhməd Şakir). Bu hədisə görə, mələk Allah Elçisinə ﷺ onlara əzab verməyi və onları məhv etməyi təklif etmiş, Allah Elçisi ﷺ isə onlara göndərilmiş əzabın gecikməsini və Allahın onların nəslindən tək Allaha ibadət edən, Ona heç bir şeyi şərik qoşmayan kimsələr çıxarmasını diləmişdir. Uca Allahın “De: “Əgər səbirsizliklə can atdığınız əzab mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı” ayəsi ilə Peyğəmbərin ﷺ müşriklər üçün möhlət istəməsini necə cəm etmək olar? Bu sualın cavabı – ən doğrusunu Allah bilir – belədir: “Bu ayə dəlalət edir ki, onlar Peyğəmbərdən ﷺ əzabın tezləşməsini istədikləri əsnada əzabı tezləşdirmək Peyğəmbərin ﷺ əlində olsaydı, bu əzab onlara gələrdi. Hədisdə isə onlar Peyğəmbərdən ﷺ əzabın gəlməsini istəməmişlər. Hədisdə dağlar mələyi, sadəcə, Peyğəmbərə ﷺ istəsə, iki dağı onların başına uçurmağı təklif etmişdir. Hədisdə nəzərdə tutulan iki dağ Məkkənin cənub və şimalında yerləşən dağlardır. Odur ki, Peyğəmbər ﷺ bu əzabın gəlməsini istəməmiş və onlara qarşı  lütfkarlıq göstərilməsini istəmişdir.
Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir”. əl-Buxari Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Qeybin açarları beşdir. Onları Allahdan başqa heç kim bilməz: “Həqiqətən, Qiyamət saatı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, hər şeyi biləndir, hər şeydən xəbərdardır” (“Loğman”, 34)”. (əl-Buxari (8/219 Fəthul-Bari); Əhməd (4766). Eyni hədisi İbn Kəsir təkrar olaraq “Loğman” surəsinin 34-cü ayəsinin təfsirində Əhmədin rəvayəti ilə qeyd edəcəkdir. Oxşar hədisi İbn Hibban “Səhih” əsərində (69-70) rəvayət etmişdir. (Əhməd Şakir). əl-Buxari, 4328, 4627).
Ömərdən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Cəbrail Peyğəmbərə ﷺ bədəvi ərəb simasında göründükdə ondan İslam, iman və ehsan barədə soruşdu. Peyğəmbər ﷺ ona belə cavab vermişdir: “Bu (Qiyamətin qopacağı vaxt), yalnız Allahın bildiyi beş şeydən biridir. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Həqiqətən, Qiyamət saatı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, hər şeyi biləndir, hər şeydən xəbərdardır” (“Loğman”, 34).
Uca Allah buyurur: “O, quruda və dənizdə nələr olduğunu bilir”, yəni Onun əzəmətli elmi dənizdə və quruda olan bütün varlıqları əhatə etmişdir. Nə yerdə, nə də göydə yaratdıqlarından zərrə qədər bir şey Allahdan gizli qalmaz.
Uca Allah buyurur: “Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”, yəni, əgər Allah cansızların hərəkətlərindən xəbərdardırsa, o halda heyvanlardan, xüsusən də mükəlləf olan cin və insan nəslindən olanlardan necə xəbərsiz ola bilər? Necə ki başqa bir ayədə belə buyurur: “Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir” (“Ğafir”, 19).
 
əl-Ənam, 60-62
وَهُوَ الَّذِي يَتَوَفَّاكُمْ بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُمْ بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَى أَجَلٌ مُسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ * وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّى إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ * ثُمَّ رُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ أَلَا لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ
60. Gecələr sizi yuxuya daldırıb canınızı alan, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi (səhərlər) oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.
61. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, sizə gözətçi mələklər göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alırlar və heç bir səhvə yol vermirlər.
62. Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.

 
Uca Allah bu ayədə xəbər verir ki, O, qullarının canını gecə yuxuda ikən alır və bu, kiçik ölümdür. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” (“Ali-İmran”, 55); “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır” (“əz-Zumər”, 42). Bu ayədə Uca Allah biri böyük, digəri isə kiçik olmaqla, iki ölümü qeyd etmişdir. Yuxarıdakı ayədə də Uca Allah hər iki ölümün hökmünü – əvvəl kiçik ölümü, sonra isə böyük ölümü qeyd etmişdir. Uca Allah buyurur: “Gecələr sizi yuxuya daldırıb canınızı alan, gündüzlər isə nələr etdiyinizi bilən Odur”. Yəni, gündüzlər etdiyiniz əməlləri bilən Odur. Bu cümlə Uca Allahın Öz elmi ilə yaratdıqlarını gecə və gündüz, hərəkətli və hərəkətsiz hallarında əhatə etdiyinə dəlalət edər. Necə ki başqa ayələrdə belə buyurur: “Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib-dolananlar da Allah üçün eynidirlər” (“ər-Rəd”, 10); “O Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincələsiniz və gündüzü Onun lütfündən ruzi axtarasınız” (“əl-Qəsəs”, 73); “Gecəni örtük etdik, gündüzü isə ruzi qazanmaq vaxtı” (“ən-Nəbə”, 10-11). Burada isə belə buyurur: “Gecələr sizi yuxuya daldırıb canınızı alan, gündüzlər isə nələr etdiyinizi bilən Odur”, yəni gündüzlər nə qazandığınızı bilən Odur. “Sonra O, sizi oyadır ki...”, yəni səhərlər sizi oyadır. Bu təfsiri Mucahid, Qatədə və əs-Suddi demişlər. İbn Cureyc isə Abdullah ibn Kəsirdən belə rəvayət etmişdir: “Yəni, sonra O, sizi yuxudan təkrar dirildir”. Lakin birinci təfsir daha doğrudur. Uca Allah buyurur: “...müəyyən olunmuş əcəliniz gəlib çatsın”. Burada hər bir insanın əcəli nəzərdə tutulur. “Sonra isə dönüşünüz Ona olacaq”, yəni Qiyamət günü, “O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir”, yəni etdiyiniz əməllərin qarşılığını verəcəkdir; əməlləriniz xeyir olarsa, qarşılığı xeyir, şər olarsa, qarşılığı şər olacaq.
Uca Allah buyurur: “O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir”, yəni hər şeyin hakimi Odur. Hər şey Onun Cəlalına və böyüklüyünə boyun əyir. “O, sizə gözətçi mələklər göndərir”, yəni insanın bədənini qoruyan mələklər göndərir. Necə ki başqa bir ayədə belə buyurur: “Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır” (“ər-Rəd”, 11). Həmçinin insanların əməllərini sayan mələklər də göndərir. Uca Allah bu xüsusda buyurur: “Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər” (“əl-İnfitar”, 10); “Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.  Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın” (“Qaf”, 17-18).
Uca Allah buyurur: “Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman”, yəni əcəli gəlib çatdığı zaman “elçilərimiz (mələklər) onun canını alırlar”, yəni vəzifəsi can almaq olan mələklər onun canını alırlar, “və heç bir səhvə yol vermirlər”, yəni onlar ölənin ruhunu mühafizə etməkdə heç bir əyər-əskikliyə yol verməzlər. Əksinə, onu qoruyar və Uca Allahın istədiyi yerə aparıb çatdırarlar. Əgər qul itaətkarlardan olarsa, İlliyyuna, günahkarlardan olarsa – Allah bizi bundan qorusun! – Siccinə apararlar.
Uca Allah buyurur: “Sonra onlar...”, İbn Cərir demişdir: “Yəni mələklər”, ”özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar”. Burada İmam Əhmədin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisi qeyd edək. Əbu Hureyra Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Ölüm ayağında olan insanın yanına mələklər gəlir. Əgər o, əməlisaleh bir insan olmuşsa, ona belə deyərlər: “Ey gözəl bədəndə olan gözəl ruh, çıx! Təriflənərək çıx, rahatlıq, gözəl ruzi və sənə qəzəblənməmiş Rəbbin ilə sevin”. Ruh bədəndən tam çıxana qədər ona belə deyilər. Sonra mələklər onu götürüb göyə qaldırarlar və onun üçün göy qapılarının açılmasını xahiş edərlər. Səma gözətçiləri: “Bu kimdir?” – deyə soruşduqda, onlara: “Filankəsdir” – deyilər. Ona: “Gözəl bədəndə olan gözəl ruh, xoş gəldin. Təriflənərək daxil ol, rahatlıq, gözəl ruzi və sənə qəzəblənməmiş Rəbbin ilə sevin!” – deyilər. Ruh Uca Allah olan səmaya çatana qədər ona belə deyilər. Əgər vəfat edən pis insan olmuşsa, mələklər ona belə deyərlər: “Ey murdar bədəndə olan pis ruh! Qınanmış halda çıx, qaynar su, irin və buna bənzər başqa əzab növləri ilə səni müjdələyirik”. Ruh bədəndən tam çıxana qədər ona belə deyilər. Sonra onu göyə qaldırarlar və göy qapılarının onun üçün açılmasını istəyərlər. Gözətçilər: “Bu kimdir?” – deyə soruşduqda, mələklər: “Filankəsdir” – deyə cavab verərlər. Ona: “Ey murdar bədəndə olan pis ruh! Sənə salam olmasın! Qınanmış halda geri dön! Göyün qapıları sənə açılmayacaq” – deyilər və o, göydən geri qaytarılar. Sonra ruh qəbrə qayıdar. Saleh insan qəbirdə oturdular və birinci hədisdə soruşulan sualların eynisi ondan soruşular. (Burada “birinci hədisdə soruşulan sualların eynisi ondan soruşular” dedikdə, hədisin başqa rəvayətində bu deyilənlər nəzərdə tutulur: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu oturdar və: “Rəbbin kimdir?” – deyə soruşar. O, mızıldanıb deyər: “M-mm… Bilmirəm!” Mələklər: “Dinin nədir?” – deyə soruşarlar. O deyər: “M-mm… Bilmirəm!” Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşarlar. O, yenə mızıldanıb deyər: “M-mm… Bilmirəm!” Bu vaxt göydən belə bir səda gələr: “O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın”. Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyər, qəbri də o qədər sıxılar ki, qabırğaları bir-birinə keçər. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst-başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyər: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!” – deyə soruşar. O da: “Mən sənin yaramaz əməllərinəm!” – deyə cavab verər. Onda kafir yalvarıb deyər: “Allahım! Qoyma Qiyamət qopsun”. (Əhməd, 18557, 19038. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1676). Pis adam da qəbirdə oturdular və birinci hədisdə soruşulan sualların eynisi ondan soruşular”. Bu hədis “ğarib”dir. (Əhməd (8754). Hədisin isnadı səhihdir. Hədisi həmçinin ət-Tabəri (14615, 14616) iki isnadla rəvayət etmişdir. İbn Kəsirin bu hədisi nə səbəbədən “ğarib” adlandırmasını bilmədim. İmam Əhmədin rəvayəti əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdir. Həmçinin ət-Tabəridəki isnad da belədir. Yalnız ət-Tabərinin şeyxi Muhəmməd ibn Abdullah ibn Abdul-Həkəmdən başqa. əl-Buxari və Muslim ondan hədis rəvayət etməsələr də, o, mötəbər ravidir. Hədisin mətnində də qəribə və ya digər dəlillərə müxalif olan heç bir şey yoxdur. (Əhməd Şakir). Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).
Ola bilsin ki, Uca Allahın “Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar” ayəsində bütün yaradılanların Qiyamət günü Allaha dönüşü nəzərdə tutulur. Uca Allah da onlar barədə Öz ədaləti ilə hökm edəcək. Necə ki başqa ayələrdə Uca Allah buyurur: “De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli bir günün müəyyən vaxtında mütləq toplanacaqlar” (“əl-Vaqiə”, 49-50); “Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq. Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik: “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”. Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan, hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (“əl-Kəhf”, 47-49). Burada isə belə buyurur: “Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir”.
 
əl-Ənam, 63-65
قُلْ مَنْ يُنَجِّيكُمْ مِنْ ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَئِنْ أَنْجَانَا مِنْ هَذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ * قُلِ اللَّهُ يُنَجِّيكُمْ مِنْهَا وَمِنْ كُلِّ كَرْبٍ ثُمَّ أَنْتُمْ تُشْرِكُونَ * قُلْ هُوَ الْقَادِرُ عَلَى أَنْ يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِنْ فَوْقِكُمْ أَوْ مِنْ تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُمْ بَأْسَ بَعْضٍ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ
63. De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”
64. De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də Ona şərik qoşursunuz”.
65. De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə, başa düşsünlər.

 
Uca Allah bu ayədə qullarına nemətini xatırladaraq, dara düşdükləri zaman onları “qurunun və dənizin zülmətlərindən” xilas etdiyini bildirir. Yəni, onlar quruda təbii fəlakətlərlə qarşılaşdıqları zaman, dənizdə isə fırtına qopub dalğaları yüksəltdiyi zaman əlacsız qaldıqda şəriki olmayan tək Allaha dua edərlər. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O, sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!” (“əl-İsra”, 67); “Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üs-tünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq” (“Yunus”, 22); “Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır” (“ən-Nəml”, 63). Bu ayədə isə belə buyurur: “De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” Uca Allah buna cavab olaraq belə buyurur: “De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz...”, yəni bundan sonra siz “yenə də Ona şərik qoşursunuz”, yəni rifah, rahatlıq və bolluq halında Allahla yanaşı başqa ilahları çağırırsınız.
Uca Allah: “Sonra siz yenə də Ona şərik qoşursunuz” dedikdən sonra belə buyurur: “De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”, yəni sizi əzabdan qurtardıqdan sonra yenidən sizə əzab göndərməyə də qadirdir. Necə ki “Subhənə” (“əl-İsra”) surəsində belə buyurur: “Lütfünə nail olasınız deyə, dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O, sizə qarşı rəhmlidir. Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O, sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz” (“əl-İsra”, 66-69).
əl-Buxari Uca Allahın “De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir” ayəsində keçən يَلْبِسَكُمْ [yəlbisəkum] sözünü “sizi qarışıqlığa salıb” kimi, شِيَعاً [şiyəan] sözünü isə “dəstə-dəstə” kimi təfsir etmişdir. Sonra əl-Buxari Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bu ayə: “De: “Allah başınızın üstündən... sizə əzab göndərməyə qadirdir...” nazil olduqda Peyğəmbər ﷺ dedi: “Allahım, Sənin Üzünə sığınıram!” Allah buyurdu: “...və ya ayaqlarınızın altından... sizə əzab göndərməyə qadirdir...” Peyğəmbər ﷺ dedi: “Allahım, Sənin Üzünə sığınıram!” Allah buyurdu: “...ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Peyğəmbər ﷺ dedi: “Bu, bir az yüngüldür və ya daha asandır”. Həmçinin hədisi ən-Nəsəi, əl-Humeydi “Musnəd” əsərində, İbn Hibban “Səhih” əsərində, İbn Cərir, İbn Mərdəveyh və Səid ibn Mənsur rəvayət etmişlər. (əl-Buxari (8/219 Fəthul-Bari); ət-Tabəri (13365, 13366, 13372). (Əhməd Şakir). əl-Buxari, 4262, 4628).
İmam Əhməd Sad ibn Əbu Vaqqasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərlə ﷺ birlikdə Bənu Muaviyə məscidinin yanından keçirdik. Peyğəmbər ﷺ məscidə girib iki rükət namaz qıldı. Biz də onunla bərabər namaz qıldıq. Peyğəmbər ﷺ Rəbbinə uzun-uzadı dua etdi. Sonra bizə tərəf dönüb belə buyurdu: “Mən Rəbbimdən üç şey istədim. İstədim ki, ümmətimi suda boğmaqla məhv etməsin. Bu istəyimi mənə verdi. İstədim ki, ümmətimi quraqlıqla həlak etməsin. Bu istəyimi də mənə verdi. Nəhayət, Allahdan istədim ki, ümmətim arasında ədavət və düşmənçilk olmasın. Bu istəyimi isə mənə vermədi”. Hədisi yalnız Muslim rəvayət etmişdir. (Əhməd (1516, 1574); Muslim (2/363 Bulaq nəşri). (Əhməd Şakir). Muslim, 5145, 7442).
İmam Əhməd Cabir ibn Atikdən rəvayət etmişdir ki, bir dəfə Abdullah ibn Ömər (Allah ondan razı olsun) ənsarların yaşadığı kəndlərdən birinə – Bənu Muaviyə qəbiləsinə yaxın ərazidəki Hərraya/* Hərra – Mədinə yaxınlığında yerləşən, qaralmış daş-kəsəklə dolu bir sahədir). gəldi və məndən: “Sizin bu məscidinizdə Peyğəmbərin ﷺ harada namaz qıldığını bilirsənmi?” – deyə soruşdu. (İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ sünnəsinə ən çox tabe olan səhabələrdən biri idi. Odur ki, o, Peyğəmbərin ﷺ etdiyi əməlləri eynilə təkrarlamağa çalışırdı). Mən: “Bəli”, – dedim və məscidin bir küncünə işarə etdim. İbn Ömər soruşdu: “Allah Elçisinin ﷺ orada dua etdiyi üç şeyin nə olduğunu bilirsənmi?” Mən yenə: “Bəli”, – dedikdə, İbn Ömər: “Onları mənə bildir!” – dedi. Mən dedim: “Dua etmişdi ki, Uca Allah ümmətinin üzərinə özlərindən başqa bir düşmən salmasın, ümmətini qıtlıqla həlak etməsin və bu ikisi ona verildi. Üçüncü duasında isə istəmişdi ki, ümməti arasında ədavət və düşmənçilik olmasın, lakin bu istəyi ona verilmədi”. İbn Ömər dedi: “Doğru söylədin, odur ki, fitnə və qarışıqlıq Qiyamət gününə qədər bu ümmətdə davam edəcək”. Bu hədis altı hədis kitabında (Altı hədis kitabı dedikdə, əl-Buxari, Muslim, Əbu Davud, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcənin hədis kitabları nəzərdə tutulur) olmasa da, isnadı yaxşı və qüvvətlidir. Həmd və şükür Allahadır. (Əhməd (5/445 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 23749, 23800, 24150. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir).
İmam Əhməd Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə mən Peyğəmbəri ﷺ görmək üçün gəlmişdim. Mənə onun bir az əvvəl çıxdığını dedilər. Kimdən soruşurdumsa, Peyğəmbərin ﷺ bir az əvvəl buradan keçdiyini deyirdi. Nəhayət, gəlib Peyğəmbəri ﷺ ayaq üstə namaz qılarkən gördüm. Gəlib onun arxasında dayandım. Peyğəmbər ﷺ namazı uzatdı. Namazı bitirdikdən sonra ondan soruşdum: “Ey Allahın Elçisi, namazı bu qədər uzatmağının səbəbi nədir?” Peyğəmbər ﷺ dedi: “Bu namazı ümid və qorxu ilə qıldım. Allahdan üç şey istədim. Bunlardan ikisini mənə verdi, birini isə vermədi. İstədim ki, ümmətimi suda boğmaqla həlak etməsin, bunu mənə verdi. Sonra istədim ki, özlərindən olmayan düşmən onlara galib gəlməsin, bu istəyimi də mənə verdi. Nəhayət, istədim ki, ümmətim arasında ədavət və düşmənçilik olmasın, bu istəyimi isə vermədi”. Hədisi İbn Məcə rəvayət etmişdir. Bu hədisin eynisini və ya oxşarını İbn Mərdəveyh də rəvayət etmişdir. (Əhməd (5/240 Hələbi nəşri); İbn Məcə (3951). əl-Busiri demişdir: “İsnadı səhihdir, raviləri mötəbərdir”. (Əhməd Şakir). Əhməd, 22082, 22135, 22433; İbn Məcə, 3191, 3941. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1754).
İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərlə ﷺ səfərdə olarkən onun duha (Duha – günün əvvəlinə deyilir. Duha namazının vaxtı isə Günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan, yəni təqribən Günəş çıxdıqdan 15–20 dəqiqə sonra başlayır, Günəşin səmanın ortasına, yəni zenitə yüksəlməsindən bir az əvvələdək, yəni Zöhr namazının vaxtından təqribən 15–20 dəqiqə əvvələdək davam edir. Duha namazını iki rükətdən səkkiz rükətə qədər qılmaq olar. Duha namazının ən fəzilətli vaxtı bu namazın son vaxtına yaxın olan vaxtdır, yəni Günəşin zenitə yüksəlməsinə yarım saat qalmış. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ demişdir: “Duha namazına yalnız Allaha üz tutan riayət edər. O, Allaha üz tutanların namazıdır”. (əl-Hakim, 1182. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7628; Silsilə əs-Səhihə, 703) namazını səkkiz rükət qıldığını gördüm. O, namazı bitirdikdən sonra dedi: “Həqiqətən, mən bu namazı ümid və qorxu hissləri ilə qıldım. Rəbbimdən üç şey istədim, ikisini mənə verdi, birini isə vermədi. Allahdan ümmətimi qıtlıqla (quraqlıqla) imtahan etməməsini istədim, bu istəyimi yerinə yetirdi. Allahdan ümmətimin (xarici) düşmənlərini onlar üzərində qalib etməməsini istədim, bu istəyimi də verdi. Allahdan ümmətimi firqələrə ayırmamasını istədim, bu istəyimi isə qəbul etmədi”. Hədisi ən-Nəsəi də rəvayət etmişdir. (Əhməd (12513, 12616). Hər iki isnad səhihdir. (Əhməd Şakir). Əhməd, 12486, 12508, 12611. Şueyb əl-Arnavut hədisin isnadının səhih li-ğeyrihi olduğunu bildirmişdir).
İmam Əhməd Peyğəmbərlə ﷺ birlikdə Bədr döyüşündə iştirak etmiş səhabə Xabbəb ibn Əratın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ bütün gecəni namaz qıldığını müşahidə etdim. Dan yeri sökülməyə az qalmış Peyğəmbər ﷺ salam verib namazını bitirdi. Mən dedim: “Ey Allahın Elçisi, sən bu gecə o qədər namaz qıldın ki, belə namaz qıldığını heç görməmişdim”. Peyğəmbər ﷺ dedi: “Bəli, bu, ümid və qorxu namazı idi. Namazda Rəbbimdən üç şey istədim: ikisini mənə verdi, birini isə vermədi. Rəbbimdən istədim ki, bizi bizdən əvvəlki ümmətləri həlak etdiyi ilə həlak etməsin. Bu istəyimi mənə verdi. Rəbbimdən istədim ki, özümüzdən olmayan düşmənləri üzərimizdə qalib etməsin, bu istəyimi də mənə verdi. Bir də Rəbbimdən istədim ki, bizi firqələrə ayırmasın. Bu istəyimi isə vermədi”. Hədisi İbn Hibban “Səhih” əsərində, ən-Nəsəi və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir. (Əhməd (5/108-109 Hələbi nəşri); ət-Tirmizi (3/210); ət-Tabəri (13370, 13371). ət-Tabərinin rəvayət etdiyi isnadlar bitişik deyil, lakin Əhməd, ət-Tirmizi və digərlərinin rəvayətləri dəlalət edir ki, isnadı bitişikdir. (Əhməd Şakir). Əhməd, 21053, 21901, 21367; ən-Nəsəi “Sunən” 1620, 1649. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 1638).
İmam Əhməd Şəddəd ibn Əusdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, Allah yer üzünü mənim üçün bükdü və mən onun hər yerini gördüm. Ümmətimin hökmranlığı mənə göstərilən yerlərə qədər çatacaqdır. Mənə iki xəzinə (Qırmızı xəzinə dedikdə, İran hökmdarı Kəsranın, əsasən, qızıldan olan xəzinəsi, ağ xəzinə dedikdə isə Bizans hökmdarı Qeysərin, əsasən, gümüşdən olan xəzinəsi nəzərdə tutulur) – qırmızı və ağ xəzinələr verildi. Rəbbimdən ümmətimi kütləvi qıtlıqla və ya üstlərinə (özlərindən başqa) düşmən salaraq bütünlüklə həlak etməməsini, firqələrə bölməməsini və öz aralarında döyüşün olmamasını dilədim. Rəbbim belə buyurdu: “Ey Muhəmməd! Mənim verdiyim hökm əsla dəyişməz. Mən ümmətini kütləvi qıtlıqla və ya üstlərinə özlərindən başqa düşmən salmaqla həlak etməyəcəyəm. Onlar özləri bir-birlərini həlak edib öldürəcək və bir-birlərini əsir götürəcəklər”.  Sonra Peyğəmbər ﷺ dedi: “Həqiqətən, mən ümmətim üçün yalnız insanları azdıran imamlardan qorxuram. Ümmətimin arasına qılınc qoyuldusa (ədavət düşdüsə), bu qılınc Qiyamət gününədək qalxmayacaq”. Bu hədis altı hədis kitabında yer almamışdır, lakin isnadı yaxşı və qüvvətlidir. (Əhməd (17182); ət-Tabəri (13368, 13369). (Əhməd Şakir). Əhməd, 17156. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
İbn Mərdəveyh Əbu Malik əl-Əşcaidən, o da Nafi ibn Xalid əl-Xuzəidən, o da atasından – atası Peyğəmbərin ﷺ səhabələrindən və Ridvan beyətində iştirak edənlərdən biri olub – rəvayət etmişdir ki, Peyğəmbər ﷺ insanlar arasında namaz qıldıqda, rüku və səcdələri tamamlamaqla, namazı qısa qılardı. Bir gün Peyğəmbər ﷺ namazda (iki səcdə arasında və ya təşəhhüddə) oturuşu uzatdı. Hətta insanlar: “Susun, həqiqətən, ona vəhy nazil olur”, – deyə bir-birlərinə işarə etdilər. Peyğəmbər ﷺ namazını bitirdikdən sonra bəzi səhabələr dedilər: “Ey Allahın Elçisi, oturuşu o qədər uzatdın ki, biz: “Peyğəmbərə vəhy nazil olur”, – deyə bir-birimizə işarə etdik”. Peyğəmbər ﷺ dedi: “Xeyr, bu, bir ümid və qorxu namazı idi. Bu namazda Allahdan üç şey istədim, ikisini mənə verdi, birini isə vermədi. Allahdan sizdən əvvəlki ümmətlərə verdiyi əzabla sizə əzab verməməsini istədim, bunu mənə verdi. Allahdan ümmətimin üzərinə onları məhv edəcək bir düşməni salmamasını istədim, bunu da mənə verdi. Allahdan sizi firqələrə bölməməsini və birinizə digərinin gücünü daddırmamasını (aranıza ədavət salmamasını) istədim, lakin bunu mənə vermədi”. Mən Nafi ibn Xaliddən soruşdum: “Bu hədisi atan Peyğəmbərdənmi ﷺ eşidib?” O: “Bəli, atamdan belə deyərkən eşitdim: “Bunu Peyğəmbərdən ﷺ barmaqlarımın sayı qədər insan, yəni on nəfər eşitdi”, – deyə cavab verdi”. (ət-Tabəri (13367). (Əhməd Şakir). ət-Tabəri, 13422. ət-Tabərani “Mucəmul-Kəbir” 4007).
İbn Mərdəveyh Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Rəbbimdən ümmətim üçün dörd xüsusiyyət istədim. Üçünü mənə verdi, birini isə vermədi. Allahdan ümmətimin hamısının küfrə düşməməsini istədim, bunu mənə verdi. Allahdan əvvəlki ümmətlərə verdiyi əzabı mənim ümmətimə verməməsini istədim, bunu da mənə verdi. Ümmətimin üzərində özlərindən başqa bir düşməni qalib etməməsini istədim, bunu da mənə verdi. Nəhayət, Allahdan ümmətim arasında ədavət və düşmənçiliyin olmamasını istədim. Bu istəyimi isə mənə vermədi”. Hədisi İbn Əbu Hatim rəvayət etmişdir. (əl-Heysəmi hədisi “əz-Zəvaid” (7/222) əsərində qeyd etmiş və demişdir: “Hədisi ət-Tabərani “əl-Əvsat” əsərində rəvayət etmişdir, hədisin raviləri mötəbərdir”. (Əhməd Şakir). İbn Əbu Hatim, 7415; əl-Bəzzər, 1125).
Mucahid, Səid ibn Cubeyr və başqaları demişlər: “...başınızın üstündən“ dedikdə, göydən daş yağması, “ayaqlarınızın altından” dedikdə isə yerə batırmaq nəzərdə tutulur. İbn Cərir də bu fikri seçmişdir və bu, doğru rəydir. Bu rəyin doğruluğunu bu ayə təsdiqləyir: “Göydə olan Allahın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcək. Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin, Mənim onları həlak etməyim necə oldu!” (“əl-Mulk”, 16-18). Hədisdə belə rəvayət olunur: “Bu ümmətdə göydən daş yağma, yerə batma və insanların eybəcər simalara çevrilmə hadisələri olacaq”. (Hədisi bu mətnlə İbn Əbud-Dunyə musiqi alətlərinin pislənməsinə aid hədislərdə Ənəsdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Hədisin sonunda bu əlavə var: “Bu hadisələr ümmətimdə sərxoşedici içkilər içildikdə, müğənnilər peyda olub musiqi alətləri çalındıqda baş verəcəkdir”. əl-Fəthul-Kəbir (3/71). Həmçinin hədisi ət-Tirmizi (3/215-216) Aişədən, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir. Aişənin (Allah ondan razı olsun) rəvayəti belədir: “Axır zamanda bu ümmətdə yerə batma, insanların eybəcər simalara çevrilməsi və göydən daş yağması baş verəcəkdir”. Aişə dedi: “Mən soruşdum: “Ey Allahın Elçisi, aramızda əməlisaleh insanlar ola-ola, biz həlakmı olacağıq?” Peyğəmbər ﷺ buyurdu: “Əgər günah işlər açıq-aşkar edilərsə, bəli!” ət-Tirmizi demişdir: “Hədis ğaribdir”. (Əhməd Şakir) İbn Əbud-Dunyə “Zəmmul-Mələhi” 1/2; ət-Tirmizi, 2185, 2344; İbn Məcə, 4060. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 987). Bu və buna bənzər hadisələrin baş verməsi Qiyamət günündən əvvəl ortaya çıxan əlamətlər sırasında zikr edilmişdir. Bu barədə Allahın izni ilə yeri gəldikcə söhbət açılacaq.
Uca Allah buyurur: “...ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə... qadirdir”, yəni sizi bir-birinə qarşı çıxan dəstələr etməyə qadirdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Burada öz nəfsi istəklərinə uyan firqələr nəzərdə tutulur”. Mucahid və bir çoxları da belə demişlər. Müxtəlif yollarla Peyğəmbərdən ﷺ rəvayət edilən hədisdə belə deyilir: “Bu ümmət yetmiş üç firqəyə bölünəcək. Bu firqələrdən biri istisna olmaqla, hamısı Cəhənnəmə düşəcək”. (Hədisin davamı belədir: “Səhabələr: “Onlar (nicat tapan firqə) kimdir?” – deyə soruşduqda, Peyğəmbər: “Onlar mənim və səhabələrimin yoluna tabe olanlardır” – deyə cavab verdi”. əd-Diya əl-Məqdisi “Əhədisul-Muxtəra” 938; ət-Tabərani “Mucəmus-Sağir” 724, “Mucəmul-Əvsat” 4886, 7840. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, hədis 204, 1/203; Səhih əl-Cami, 5343).
Uca Allah buyurur: “...birinizə digərinin gücünü daddırmağa qadirdir”. İbn Abbas və bir çoxları belə demişlər: “Yəni bir qisminizi digər bir qisminizin üzərinə salmaqla, sizə əzab verməyə və sizi öldürməyə qadirdir”.
Uca Allah buyurur: “Gör ayələrimizi necə izah edirik ki, ...”, yəni gör ayələrimizi necə aydın açıqlayırıq ki, “bəlkə, başa düşsünlər”, yəni bəlkə, Allah və Onun ayələri barədə düşünsünlər.
 
əl-Ənam, 66-69
 وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكِيلٍ * لِكُلِّ نَبَإٍ مُسْتَقَرٌّ وَسَوْفَ تَعْلَمُونَ * وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ * وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَلَكِنْ ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ
66. O (Quran), həqiqət ola-ola, sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.
67. Hər bir xəbərin gerçəkləşəcəyi müəyyən vaxt var və siz onu biləcəksiniz.
68. Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.
69. Müttəqilər onların törətdiklərinə görə, azca da olsa, məsuliyyət daşımırlar. Lakin bu, bir öyüddür ki, bəlkə, pis əməllərdən çəkinsinlər.

 
Uca Allah bu ayələrdə buyurur ki, “O, həqiqət ola-ola”, yəni onlara gətirdiyin Quran hidayət və bəyan haqq ola-ola, “sənin qövmün”, yəni Qureyş “onu yalan saydı”. Halbuki ondan başqa heç bir haqq yoxdur. “De: “Mən sizi qoruyan deyiləm”, yəni mən sizin üzərinizdə gözətçi və sizin vəkiliniz deyiləm. Uca Allah başqa bir ayədə belə buyurur: “De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın” (“əl-Kəhf”, 29). Yəni mənim üzərimə düşən yalnız təbliğ edib çatdırmaqdır. Sizin üzərinizə düşən isə eşidib itaət etməkdir. Kim mənə tabe olarsa, dünya və Axirətdə xoşbəxt olar. Mənə qarşı çıxan isə dünya və Axirətdə bədbəxt olacaq. Bu səbəbdən Uca Allah: “Hər bir xəbərin gerçəkləşəcəyi müəyyən vaxt var”, – deyə buyurur. İbn Abbas və bir çoxları demişlər: “Yəni hər bir xəbərdə həqiqət var və bir müddət sonra olsa belə, hər bir xəbərin baş verəcəyi bir vaxt vardır”. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz!” (“Sad”, 88); “Hər vaxtın bir yazısı var” (“ər-Rəd”, 38). Bu, qüvvətli bir təhdid və qorxutmadır. Bu səbəbdən Uca Allah ayənin davamında: “...və siz onu biləcəksiniz” – buyurur.
Sonra Uca Allah buyurur: “Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman, ...”, yəni ayələrimizi yalan sayıb istehza edənləri gördüyün zaman, “onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir”, yəni ayələrimizin yalan sayıldığı söhbət dəyişib, başqa bir söhbətə keçilənə qədər onları tərk et. “Əgər şeytan bunu sənə unutdursa, ...” – burada isə müsəlman ümmətindən heç bir kəsin Allahın ayələrini təhrif edən, onlara düzgün açıqlama verməyən yalançılarla birlikdə oturmaması nəzərdə tutulur. Əgər kimsə unudaraq onlarla birlikdə oturarsa, “xatırladıqdan sonra zalım tayfa ilə birgə” oturmamalıdır. Bir hədisdə belə buyurulur: “Ümmətimdən səhvən, unutqanlıq üzündən və məcburiyyət qarşısında edilən əməllərin günahı qaldırılmışdır”. (İbn Məcə, 2043, 2045. Hədis səhihdir.  Bax; İrvaul-Ğalil, 82). əs-Suddi Əbu Malik və Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, onlar Uca Allahın “Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma” ayəsi barədə belə demişlər: “Əgər unutsan, sonra xatırlasan, onlarla birlikdə oturma”. (İbn Əbu Hatim, 7435; ət-Tabəri, 13395, 13450). Muqatil ibn Həyyan da belə demişdir. Uca Allahın “Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini, yaxud onlara istehza olunduğunu eşitdiyiniz zaman, kafirlər başqa bir söhbətə keçməyincə, onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız” (“ən-Nisa”, 140) ayəsinin “Allah Kitabda sizə nazil etmişdir ki” hissəsində nəzərdə tutulan ayə budur. Yəni, əgər siz onlarla birlikdə oturub dediklərini qəbul etsəniz, onların tayı olacaqsınız.
Uca Allah buyurur: “Müttəqilər onların törətdiklərinə görə, azca da olsa, məsuliyyət daşımırlar”, yəni, əgər onlardan uzaqlaşıb onlarla birlikdə oturmazlarsa, onların sırasından ayrılar və onların etdikləri günahdan xilas olarlar.
Uca Allah buyurur: “Lakin bu, bir öyüddür ki, ...”, yəni Biz sizə bu halda onlardan üz çevirməyi əmr etdik ki, bəlkə bu, onlar üçün etdikləri pis əməldən bir xatırlatma olsun. “...bəlkə, pis əməllərdən çəkinsinlər”, ümid olunur ki, bu pis əməldən çəkinərlər və bir daha bu əmələ qayıtmazlar.
 
əl-Ənam, 70
وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَذَكِّرْ بِهِ أَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَا أُولَئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ
70. Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandığı əməllərə görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

 
Uca Allah buyurur: “Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et”, yəni onlara əhəmiyyət vermə, onlardan üz çevir və onlara bir az möhlət ver. Onlar böyük bir əzaba düçar olacaqlar. Bu səbəbdən Uca Allah ayənin davamında: “Bununla xatırlat ki, ...” – buyurur. Yəni, sən bu Quranla insanlara öyüd ver, onları Qiyamət günü Allahın qəzəbindən və ağrılı-acılı əzabından çəkindir.
Uca Allah buyurur: “...heç kəs qazandığı əməllərə görə özünü məhvə məhkum etməsin”. İbn Abbas, Mucahid, İkrimə və əl-Həsən ayədə keçən تبْسَلَ [tubsələ] sözünü “özünü təslim etməsin” kimi təfsir etmişlər. İbn Abbas bu sözü həmçinin “özünü rüsvay etməsin” kimi də təfsir etmişdir. əl-Kəlbi isə bu sözü “özünü cəzaya uğratmasın” kimi təfsir etmişdir. Bu deyilənlərin hamısı məna baxımından bir-birinə yaxındır. Nəticə olaraq ayənin mənası belədir: “Quranla insanlara öyüd ver ki, heç kəs qazandığı günahlara görə özünü həlaka təslim etməsin, özünü xeyirdən məhrum etməsin və qazandığı əməllər ona məqsədinə çatmağa mane olmasın”. Necə ki Uca Allah başqa ayədə belə buyurur: “Hər bir kəs qazandığının girovuna çevrilir. Sağ tərəf sahiblərindən başqa” (“əl-Muddəssir”, 38-39).
Uca Allah buyurur: “Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır”, yəni onun nə bir şəfaətçisi, nə də bir yaxını olacaq. Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə, sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər, əlbəttə ki, zalımdırlar” (“əl-Bəqərə”, 254).
Uca Allah buyurur: “O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq”, yəni nə versə də, bu, ondan qəbul olunmaz. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Həqiqətən, kafir olub, kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu, onların heç birindən qəbul edilməyəcək. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur” (“Ali-İmran”, 91). Burada isə belə buyurur: “Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır”.
 
əl-Ənam, 71-73
قُلْ أَنَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الْأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ * وَأَنْ أَقِيمُوا الصَّلَاةَ وَاتَّقُوهُ وَهُوَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ * وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَيَوْمَ يَقُولُ كُنْ فَيَكُونُ قَوْلُهُ الْحَقُّ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنْفَخُ فِي الصُّورِ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
71. De: “Biz Allahı qoyub, bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edək? Allah bizi doğru yola yönəltdikdən sonra geriyəmi (küfrəmi) döndərilək? Mömin dostlarının: “Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları halda, şeytanların yer üzündə azdırdığı çaşbaş qalan kəslər kimi olaqmı?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
72. Həmçinin “Namaz qılın, Allahdan qorxun, məhz Onun hüzuruna toplanacaqsınız!” – deyə buyurulmuşdur”.
73. Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” – dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Hikmət sahibidir, hər şeydən Xəbərdardır.

 
əs-Suddi demişdir: “Müşriklər müsəlmanlara: “Bizim yolumuza tabe olun və Muhəmmədin dinini tərk edin!” – dedilər. Uca Allah da: “De: “Biz Allahı qoyub, bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edək? Allah bizi doğru yola yönəltdikdən sonra geriyəmi (küfrəmi) döndərilək? Mömin dostlarının: “Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları halda, şeytanların yer üzündə azdırdığı çaşbaş qalan kəslər kimi olaqmı?” ayəsini nazil etdi. Uca Allah buyurur ki, əgər iman gətirdikdən sonra küfr etsəniz, sizin məsəliniz bir qövmlə birlikdə yola çıxmış bir kişinin məsəlinə bənzəyəcək. Bu kişi yolunu azmış və şeytanlar onu yer üzündə çaşqınlıq içinə salmışlar. Kişinin dostları isə doğru yoldadırlar. Onlar bu kişini öz tərəflərinə çağıraraq: “Bizə tərəf gəl, biz doğru yoldayıq!” – deməyə başlayırlar. O isə onlara tərəf getməkdən imtina edir. Muhəmmədi ﷺ tanıdıqdan sonra kafirlərə tabe olanların məsəli də belədir. Muhəmməd ﷺ onları doğru yola çağırır. Doğru yol isə İslamdır”. Bunu İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (13422). (Əhməd Şakir). İbn Əbu Hatim, 7474; ət-Tabəri, 13477).
İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Bu, Uca Allahın Ona şərik qoşulan ilahlara ibadət etməyə çağıranlarla, Allaha ibadət etməyə çağıranlar barədə çəkdiyi bir məsəldir. Allahdan başqa ibadət olunan ilahlara çağıranların məsəli, yolunu azmış bir kişinin məsəlinə bənzəyir. Bir carçı bu kişini: “Ey filankəsin oğlu filankəs, bu yola gəl!” – deyə çağırır. Həmin kişinin dostları var və onlar: “Ey filankəsin oğlu filankəs, bu yola gəl!” – deyə onu başqa bir yola çağırırlar. O, carçının çağırışına tabe olsa, onu aparıb həlaka sürükləyəcək. Yox, əgər onu doğru yola çağıran dostlarının çağırışını qəbul etsə, doğru yola yönəlmiş olar. Birinci carçı səhralarda insanları azdıran və həlaka aparan şeytanlardan biridir. Allahdan başqa məbudlara ibadət edənlərin məsəli də belədir. Bu adam ölüm onu haqlayana qədər etdiyi əməlin doğru olduğuna inanır və sonda peşmançılıq və həlakla qarşılaşır. Uca Allah buyurur: “...şeytanların yer üzündə azdırdığı”, bunlar səhralarda insanlara müxtəlif cildlərdə görsənib onları azdıran və həlak edən şeytanlardır. Onlar azdırmaq istədikləri insanı öz adı, atasının adı və babasının adı ilə çağırarlar. O da bunun həqiqət olduğunu sanaraq şeytana tabe olar. Səhər açıldıqda isə şeytanın onu həlaka sürüklədiyini görər. Bəzən bu şeytanlar insanı azdırdıqdan sonra məhv edər və ya səhrada azdırar və insan orada susuzluqdan həlak olar. Allahdan başqa ibadət olunan məbudlara tabe olanların məsəli də belədir”. İbn Abbasın sözünü İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri (13423). (Əhməd Şakir). İbn Əbu Hatim, 7473; ət-Tabəri, 13478).
Ayənin mənası belədir: şeytanların yer üzündə azdırıb çaşbaş saldıqları kəsin doğru yolda olan dostları var və bu dostlar onu öz tərəflərinə, onlarla birlikdə doğru yolla getməyə çağırırlar. Bu cümlədə nəzərdə tutulan məna budur: “O isə onların dediklərini qəbul etmir və onlara tərəf baxmır. Əgər Allah istəsəydi, ona hidayət verər və onu doğru yola yönəldərdi”. Bu səbəbdən Uca Allah ayənin davamında: “De: “Ancaq Allahın haqq yolu doğru yoldur!” – buyurur. Necə ki başqa ayələrdə belə buyurur: “Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran tapılmaz” (“əz-Zumər”, 37); “Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, bil ki, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz” (“ən-Nəhl”, 37). Uca Allah ayənin davamında belə buyurur: “Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş”, yəni bizə ibadəti xalis Allah üçün edib heç nəyi şərik qoşmadan, tək Ona ibadət etmək əmr edilmişdir.
Uca Allah buyurur: “...və bir də: “Namaz qılın, Allahdan qorxun”, yəni bizə həmçinin namaz qılmaq və hər bir halda Allahdan qorxmaq əmr edilmişdir. “Məhz Onun hüzuruna toplanacaqsınız!” – deyə buyurulmuşdur”, yəni Qiyamət günü Onun hüzuruna toplanacaqsınız.
Uca Allah buyurur: “Göyləri və yeri haqq olaraq xəlq edən Odur”, yəni göyləri və yeri ədalətlə yaradan Odur. Göylərin və yerin xaliqi, sahibi, onları və onlarda olanları idarə edən Odur. “O: “Ol!” – dediyi gün hər şey olar”, yəni Qiyamət günü Uca Allah: “Ol!” – deyəcək və bir göz qırpımında və ya bundan daha tez bir zamanda Onun əmri yerinə yetəcək.
Uca Allah buyurur: “Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır“. Təfsir alimləri  “Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır” ayəsinin təfsirində ixtilaf etmişlər. Bəzi alimlər belə demişlər: “Ayədə keçən الصُّورُ [əs-Su:r] sözü صُورَةٌ [su:ra] “surət” sözünün cəmidir. Bu halda məna: “Surətlərin üfürülüb dirildiləckləri gün...” şəklində olacaq. Doğru olan rəy budur ki, ayədə الصُّورُ [əs-Su:r] dedikdə, İsrafilin üfürəcəyi buynuz nəzərdə tutulur. İbn Cərir demişdir: “Bizə görə doğru olan Peyğəmbərdən ﷺ rəvayət olunan hədislərin təsdiqlədiyi görüşdür. Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, İsrafil suru əlinə götürüb üfürmək üçün hazır vəziyyətdə dayanmış və başını qaldırıb qulaq verərək üfürməyə əmr olunacağı vaxtı gözləyir”. Hədisi Muslim “Səhih” əsərində rəvayət etmişdir. (əl-Hafiz İbn Kəsir burada hədisi Muslimə nisbət etməklə səhvə yol vermişdir. Hədis Muslimin “Səhih” əsərində yoxdur. Həmçinin hədisin heç bir rəvayətində İsrafil adı keçməmişdir. Hədisdə “Sur sahibi” bildirilir. Hədisi Əhməd (11054) Əbu Səid əl-Xudridən, o da Peyğəmbərdən ﷺ bu şəkildə rəvayət etmişdir: “Sur sahibi buynuzu əlinə alıb üfürmək üçün hazır vəziyyətdə dayandığı və başını qaldırıb qulaq verərək üfürməyə əmr olunacağını gözlədiyi halda, mən necə rahat ola bilərəm?” Müsəlmanlar soruşdular: “Ey Allahın Elçisi, bəs biz nə deyək?” Peyğəmbər ﷺ dedi: “Deyin ki, Allah bizə yetər, O, nə gözəl qoruyandır. Allaha təvəkkül edirik”. Hədisin isnadı zəifdir. Hədisi əl-Hakim “əl-Mustədrək” (4/559) əsərində iki zəif isnadla rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 3243, 3551. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1079).
İmam Əhməd Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə bir bədəvi ərəb Peyğəmbərdən ﷺ: “Ey Allahın Elçisi, Sur nədir?” – deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “İçərisinə üfürülən bir buynuzdur”. (Əhməd (6507, 6805); ət-Tirmizi (3/295). ət-Tirmizi hədisin səhih olduğunu bildirmişdir; əl-Hakim (2/436-506, 4/560). əl-Hakim hədisin səhih olduğunu bildirmiş, əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). ət-Tirmizi, 2430, 2617, 3244, 3552; Əbu Davud, 4742, 4744. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1080). “Sur” hədisi geniş şəkildə əl-Hafiz Əbul-Qasim ət-Tabərani tərəfindən rəvayət edilmişdir, lakin bu hədis olduqca qəribədir. Bu hədisin mətninin müxtəlif hissələri müxtəlif hədislərdə varid olmuşdur. Mətnin bir çox hissələri olduqca zəifdir. Bu hədisi yalnız Mədinə əhalisinin hekayə söyləyəni İsmail ibn Rafi rəvayət etmişdir. Onun mötəbər olub-olmamasında alimlər arasında fikir ayrılığı var. Bəzi alimlər onun mötəbər ravi olduğunu deyərkən, bəziləri onu zəif görmüşlər. Əhməd ibn Hənbəl, Əbu Hatim ər-Razi və Amr ibn Əli əl-Fəlləs kimi bir çox alimlər bu hədisin çox zəif olduğunu bildirmişlər. Bəzi alimlər onun (yalançılıqda ittiham olunduğuna görə) tərk edildiyini demişlər. İbn Adiy demişdir: “Onun bütün hədisləri şübhəlidir və zəif hədislər sırasındadır”.
Mən deyirəm: “Bu hədisin isnadında çox sayda ixtilaf var və mən bu ixtilaf barədə müstəqil kitab yazmışam. Hədisin mətninə gəlincə isə bu, həqiqətən, qəribədir. Bəzi alimlər bildirmişlər ki, hədisi rəvayət edən ravi bu mətni bir çox hədislərin mətnlərindən yığmış və bir hədis kimi təqdim etmişdir. Bu səbəbdən alimlər hədisi zəif görmüşlər. Mən şeyximiz əl-Hafiz Əbul-Həccac əl-Mizzinin belə dediyini eşitmişəm: “O, Vəlid ibn Muslimə aid bir əsər görmüş, orada bu hədisin bəzi mətnləri toplanmışdır”. Ən doğrusunu isə Allah bilir”. (Barəsində söhbət açılan hədisin zahiri olduqca zəifdir. İbn Kəsir bu hədisi ət-Tabəraninin rəvayəti ilə nəql etmişdir, lakin biz bu kitabda qoyduğumuz şərtə uyğun olaraq (zəif olduğu üçün) bu hədisi pozmuşuq. (Əhməd Şakir).
 
əl-Ənam, 74-79
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلَالٍ مُبِينٍ * وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ * فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ * فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ * فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَذَا رَبِّي هَذَا أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ * إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ
74. Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”.
75. Beləcə, Biz İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
76. Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi.
77. Doğan Ayı gördükdə: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım”, – dedi.
78. Doğan Günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
79. Doğrudan da, mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”.

 
əd-Dahhək İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, İbrahimin atasının adı Azər olmayıb. Onun adı Tareh olmuşdur. Bir çox nəsəb alimləri (Nəsəb alimləri – tanınmış şəxslərin və ya qəbilələrin soyunu və əcdad silsiləsini araşdıran alimlərdir) də onun adının Tareh olduğunu bildirmişlər. Mucahid və əs-Suddi demişlər: “Azər bir büt adıdır”. Mən deyirəm: “Çox güman ki, İbrahimin atası bu bütə sitayiş etdiyinə görə Azər adı ilə tanınmışdır. Ən doğrusunu isə Allah bilir”. (ət-Tabəri, 13440, 13495).
İbn Cərir demişdir: “Bəzi alimlər bu sözün onların dilində “əyri”, “əyilmiş” mənasını verən söyüş və ayıb bir söz olduğunu demişlər”. İbn Cərir bu rəyi heç kəsdən nəql etməmiş və heç kəsə nisbət etməmişdir. Sonra İbn Cərir demişdir: “Doğru olan budur ki, İbrahimin atasının adı Azər olmuşdur“. İbn Cərir burada nəsəb alimlərinin onun atasının adının Tareh olduğuna dair sözlərini nəql etmiş və cavab olaraq bildirmişdir ki, bir çox insanlarda olduğu kimi, ola bilsin, onun da iki adı olmuşdur. Yaxud, bu iki addan biri onun ləqəbi ola bilər. İbn Cəririn bu sözü yaxşı və qüvvətlidir. Ən doğrusunu isə Allah bilir. (Bizə görə, İbrahimin (ona salam olsun) atasının adının Azər olması dəqiqdir. Çünki Quran ayəsinin mənası buna dəlalət edir. Nəsəb alimlərinin əvvəlki kitablara əsasən nəql etdiklərinə görə, İbrahimin atasının adının Tareh olması Quranın aydın ayəsinə iman gətirməyə bir maneə olmamalıdır. Çünki Quran ayəsində açıq-aydın “atası” bildirilir və bu, ərəb dilinə əsasən birbaşa məna daşıyır. Quran özündən əvvəlki kitabları qoruyur. (Əhməd Şakir).
Qiraət alimləri Uca Allahın “Bir zaman İbrahim atası Azərə demişdi” ayəsini müxtəlif cür oxumuşlar. İbn Cərir əl-Həsən əl-Bəsridən və Əbu Yəzid əl-Mədənidən rəvayət etmişdir ki, onlar bu ayəni وَإِذْ قَالَ غِبْرَاهِيمُ لأبِيهِ آزرُ [və iz qa:lə İbra:hi:mu liəbi:hi Ə:zəru] şəklində oxumuşlar. Bu qiraətə görə, ayənin mənası belə olacaq: “Bir zaman İbrahim (ona salam olsun) atasına demişdi: “Ey Azər, sən bütləri məbudlarmı qəbul edirsən?” Əksər qarilər isə ayəni “Bir zaman İbrahim atası Azərə demişdi” şəklində oxumuşlar. (ət-Tabəri, 13440, 13495).
Ayədə nəzərdə tutulan məna belədir: “İbrahim atası Azərə nəsihət edərək onu bütlərə ibadət etməkdən çəkindirmiş, lakin atası bu əməlindən əl çəkməmişdir. Necə ki Uca Allah belə buyurur: “Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən?”,  yəni Allahdan başqa ibadət etdiyin bir bütü ilahmı qəbul edirsən? “Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”, yəni, həqiqətən, mən səni və sənin yolunu gedən qövmünü açıq-aşkar bir azğınlıq içində olduğunu görürəm. Onlar çaşqın vəziyyətdə hansı yolla gedəcəklərini bilmirlər. Onların azğınlıq, cahillik içində çaşbaş qalmaları hər bir sağlam ağıl sahibinə son dərəcə aydındır. Uca Allah başqa bir ayədə belə buyurur: “Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim?! Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım” (“Məryəm”, 41-48). Bu hadisədən sonra İbrahim atası həyatda ikən onun bağışlanması üçün Allaha dua edərdi. Atası Allaha şərik qoşduğu halda, öldükdən sonra bu, İbrahimə agah oldu, o, atası üçün bağışlanma diləməkdən əl çəkdi və ondan uzaqlaşdı. Necə ki Uca Allah bir ayədə belə buyurur: “İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, sadəcə, ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi” (“ət-Tövbə”, 114). “Səhih” əsərində rəvayət olunan bir hədisdə belə deyilir: “Qiyamət günü İbrahim (ona salam olsun) atası Azərlə görüşəcək və atası deyəcək: “Bu gün mən sənə asi olmayacağam!” Onda İbrahim deyəcək: “Ey Rəbbim! Sən mənə onların diriləcəyi gün məni rüsvay etməyəcəyinə söz vermişdin. Sənin rəhmətindən uzaq düşmüş atamdan daha böyük rüsvayçılıq ola bilərmi?!” Sonra ona deyiləcək: “Ey İbrahim, ayağının altındakı nədir?” İbrahim (ona salam olsun) ayağının altına baxdıqda qana bulanmış bir kaftar (Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı, pis görünüşlü heyvan. Bu heyvana el arasında, həmçinin goreşən də deyilir) görəcək. Sonra bu kaftarı ayaqlarından tutub Oda atacaqlar”. (əl-Buxari, 3101, 3350).
Uca Allah buyurur: “Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, ...”, yəni biz göyləri və yeri ona göstərməklə, bunların Allahın təkliyinə, hökmranlığına, yaradan olmasına, Ondan başqa haqq məbudun olmadığına, Ondan başqa Rəbbin olmadığına necə dəlalət etdiyini açıqladıq. Necə ki başqa ayələrdə belə buyurur: “De: “Görün göylərdə və yerdə nələr var” (“Yunus”, 101); “Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi?” (“əl-Əraf”, 185); “Məgər onlar qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib Allaha qayıdan hər bir qul üçün ibrət vardır” (“Səba”, 9). Ola bilsin, ayədə İbrahimin (ona salam olsun) bəsirət gözünün açılması və onun göylərin və yerin səltənətini öz gözləri ilə görməsi nəzərdə tutulur. Ola da bilsin ki, ayədə İbrahimin bəsirət gözünün açılması və bu səltənəti qəlb gözü ilə görüb onlardakı aydın hikmətləri və qəti dəlilləri dərk etməsi nəzərdə tutulur. Necə ki İmam Əhməd və ət-Tirmizinin Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət etdikləri və ət-Tirmizinin “Səhih” adlandırdığı hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: “Ey Muhəmməd! Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Bilmirəm!” Gördüm ki, ovucunu (əlini) kürəklərimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim...”. Sonra Muaz hədisin davamını zikr etdi. (Hədisin tam mətni belədir: “(Bir dəfə) Allah Elçisi ﷺ Sübh namazına gecikirdi, hətta az qala Günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi ﷺ namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə: “Sıralarda olduğunuz kimi qalın!”– dedi. Sonra bizə tərəf dönərək buyurdu: “Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Bilmirəm!” Bunu üç dəfə təkrarladı. Gördüm ki, ovucunu (əlini) kürəklərimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Kəffarələr haqqında”. O buyurdu: “Nədir onlar?” Mən dedim: “Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı gözəl şəkildə almaq”. Allah buyurdu: “Sonra nə haqda?” Mən dedim: “Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq”. Allah buyurdu: “İstə!” Mən dedim: “Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm [Alla:hummə inni əs əlukə fi'ləl-xayra:ti va tərkəl-munkəra:ti va hubbəl məsə:kini va ən təğfira li və tərhəməni va izə: əradtə fitnətə qaumin fətəvaffəni ğayra məftu:nin. Əs əlukə hubbəkə va hubbə mən yuhibbukə və hubbə aməlin yuqarribu ilə: hubbikə]”. Allah Elçisi ﷺ dedi: “Bu yuxu haqdır, bunları yaxşıca öyrənin”. (ət-Tirmizi, 3235, 3543. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3169).
Uca Allah buyurur: “...yəqinliklə inananlardan olsun”. Bəzi alimlər ayədə keçən وَ [və] ədatının “zəid” (mənanı gücləndirmək məqsədilə əlavə) olduğunu bildirmişlər. Yəni, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam əminliklə inananlardan olsun. Necə ki Uca Allahın bu ayəsində eyni bağlayıcı “zəid” kimi işlənmişdir: “Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə, bir-bir izah edirik” (“əl-Ənam”, 55). Digər alimlər isə وَ [və] ədatının öz həqiqi mənasında (bağlayıcı mənasında) işləndiyini bildirmişlər. Yəni, göylərin və yerin mülkünü ona göstərdik ki, tam yəqinliklə inansın və bilsin.
Uca Allah buyurur: “Gecənin qaranlığı onu bürüdükdə”, yəni gecənin qaranlığı onu örtdükdə “o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə”, yəni ulduz yox olduqda “Mən batanları sevmirəm!”– dedi”. Qatədə demişdir: “Yəni, bildi ki, Rəbbi əbədidir və yox olmur”. “Doğan Ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım”– dedi. Doğan Günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi”, yəni bu doğan mənim Rəbbimdir. Bu, ulduz və Aydan daha böyükdür və onlardan daha çox işıq saçır. “O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Doğrudan da, mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim”, yəni, həqiqətən, mən “hənif olaraq”– şirkdən üz şevirib tövhidə dönərək, dinimi göyləri və yeri yoxdan var edən Allaha məxsus edərək, yalnız Ona ibadət edirəm. Bu səbəbdən sonda: “Mən müşriklərdən deyiləm”– deyir. 
Təfsir alimləri bu məqam barədə ixtilaf etmişlər. İbrahim (ona salam olsun) bu varlıqları müşahidə etmək üçün baxmışdır, yoxsa qövmü ilə münaqişə edərkən belə bir mövqe seçmişdir? İbn Cərir İbrahimin “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” dediyini dəlil gətirərək bu rəyi seçmişdir. Doğru olan budur ki, İbrahim (ona salam olsun) bu məqamda qövmü ilə mübahisə etmiş və onlara heykəl və bütlərə ibadət etməklə tutduqları yolun batil olduğunu açıqlamışdır. Birinci məqamda atası ilə etdiyi mübahisədə onlara yer üzündə mələk surətli bütlərə ibadət etmələrinin yanlış olduğunu açıqladı. Onlar özlərini Əzəmətli Yaradana birbaşa ibadət etməyə layiq görmədiklərindən bu bütləri Allahla özləri arasında vəsilə tutaraq onlara ibadət edirdilər ki, ruzi, zəfər və digər ehtiyac duyduqları şeyləri əldə etmək üçün Allahın hüzurunda onlara şəfaətçilik etsinlər. Bu məqamda isə göydə hərəkət edən yeddi planetə ibadət etmələrinin səhv və azğınlıq olduğunu açıqlamışdır. Bu yeddi planet: Ay, Ütarid (Merkuri), Zuhəra (Venera), Günəş; Mərrix (Mars), Müştəri (Yupiter) və Zuhəldir (Saturndur). Bu ulduzlar arasında ən aydın görünən və ən parlaq olan Günəş, sonra Ay, sonra isə Zuhəradır (Veneradır). İbrahim əvvəlcə Zuhəranın (Veneranın) ilah olmağa layiq olmadığını açıqladı, çünki o, (Allah tərəfindən) müəyyən edilmiş trayektoriya üzrə hərəkət edir. O, bu trayektoriyadan nə sağa, nə də sola meyil edə bilməz. Bu ulduz öz-özünü idarə etmək iqtidarında deyil. O yalnız Uca Allahın yaratdığı nur saçan göy cisimlərindən biridir və onun yaradılışında böyük hikmət var. Bu ulduz günçıxan tərəfdən doğar, sonra hərəkət edərək günçıxanla günbatan arasında gözdən itər. Sonra isə, növbəti gecə eyni minval üzrə görünər. Bu xüsusiyyətə malik olan bir varlığın ilah  olması münasib deyil. Sonra İbrahim Ayı misal gətimişdir və ulduz barədə verdiyi açıqlamanı burada da bildirmişdir. Sonra eyni şəkildə Günəşə keçmişdir. Gözün görə biləcəyi bu üç ən parlaq göy cisimlərinin ilah olmaması qəti dəlillərlə aydın olduqda, İbrahim dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!” Yəni mən, həqiqətən, sizin Allahdan başqa ibadət etdiklərinizdən (bütlərdən və səma cisimlərindən) və onlara sevgi bəsləməkdən uzağam. Əgər onlar, həqiqətən, ilahdırlarsa, o zaman hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. “Doğrudan da, mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim”, yəni, həqiqətən, mən bu göy cisimlərini yaradan, onları yoxdan var edib Öz əmrinə tabe edən, onların hərəkətlərini müəyyən edən, onları idarə edən, hər şeyin hökmü əlində olan, hər şeyi yaradan, hər şeyin Rəbbi, sahibi və ilahı olan Allaha ibadət edirəm. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, Ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti  bol olandır” (“əl-Əraf”, 54). İbrahim (ona salam olsun) bu məqamda yalnız bir müşahidəçi necə ola bilər? Halbuki Uca Allah onun barəsində başqa ayələrdə belə buyurur: “Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq. Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi” (“əl-Ənbiya”, 51-52); “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə belə vəhy etdik: “Hənif İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi” (“ən-Nəhl”, 120-123); “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı” (“əl-Ənam”, 161).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Hər bir körpə fitrət üzərində (tövhidə meyilli olaraq) doğulur”. (əl-Buxari, 1296, 1359, 1385). Muslimin “Səhih” əsərində İyad ibn Himərdən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Allah demişdir: “Şübhəsiz ki, Mən bütün qullarımı hənif (şirkdən üz döndərib haqqa yönələn, Tək Allaha ibadət edən) olaraq yaratdım”. (Muslim, 5109, 7386). Uca Allah Kitabında belə buyurur: “Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz” (“ər-Rum”, 30); “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər” (“əl-Əraf”, 172). Bir rəyə görə, bu ayənin mənası Uca Allahın “Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur” ayəsinə bənzəyir. Bu ayənin açıqlaması qarşıda gələcəkdir. Əgər başqa insanlar belədirsə, Uca Allahın barəsində: “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi” (“ən-Nəhl”, 120) dediyi, Allahın Özünə yaxın dost tutduğu İbrahim (ona salam olsun) bu məqamda yalnız bir müşahidəçi necə ola bilər? Əksinə, o, insanlar içində Peyğəmbərdən ﷺ sonra sağlam fitrətə və doğru təbiətə şəkk-şübhəsiz ən layiq olandır. Onun bu məqamda yalnız bir müşahidəçi deyil, qövmünü Allaha şərik qoşmaqdan çəkindirmək üçün onlarla mübahisə edən olduğunu, bu ayənin ardından gələn ayələr də təsdiqləyir:
 
əl-Ənam, 80-83
وَحَاجَّهُ قَوْمُهُ قَالَ أَتُحَاجُّونِّي فِي اللَّهِ وَقَدْ هَدَانِ وَلَا أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلَّا أَنْ يَشَاءَ رَبِّي شَيْئًا وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلَا تَتَذَكَّرُونَ * وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُمْ بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالْأَمْنِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ * الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ * وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
80. Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?
81. Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm, iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”
82. İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.
83. Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.

 
Uca Allah buyurur ki, İbrahim (ona salam olsun) Allahı ibadətdə təkləşdirdiyi üçün qövmü onunla mübahisə etdi və öz şübhələrini dilə gətirərək höcətləşdi. İbrahim onlara belə dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz?” Yəni, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığı halda, siz Allah barədə mənimlə mübahisə edirsiniz? Halbuki Allah mənə haqqı göstərdi və məni haqqa yönəltdi. Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm. Belə olan halda, sizin azğın sözlərinizə və batil şübhələrinizə necə çönüb baxım? “Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduqlarınızdan qorxmuram”, yəni sizin dediklərinizin batil olmasına dəlil budur ki, sizin ibadət etdiyiniz bu bütlər heç nəyə təsir etmir və mən də onlardan qorxmuram və onları saymıram. Əgər bu bütlərin edə biləcəkləri bir şey varsa, o zaman mənə qarşı hiylə qurun və bunu dərhal edin, mənə heç möhlət də verməyin. Uca Allah buyurur: “Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla”, yəni zərər və ya fayda vermək yalnız Allaha məxsusdur. “Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir”, yəni Onun elmi hər şeyi əhatə etmişdir, heç bir sirr Ona gizli qalmaz. “Məgər düşünüb ibrət almayacaqsınız?” Yəni, sizə açıqladıqlarımdan ibrət alıb, bu bütlərin batil olduğunu anlamayacaqsınız, onlara ibadət etməkdən əl çəkməyəcəksiniz? Allahın peyğəmbəri Hudun (ona salam olsun) öz qövmü Ada gətirdiyi hüccət də buna bənzəyir. Uca Allah Öz Kitabında bu xüsusda belə buyurur: “Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir)” (“Hud”, 53-56).
Uca Allah buyurur: “Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm?” Yəni, mən sizin Allaha şərik qoşduğunuz bu bütlərdən niyə qorxmalıyam? İbn Abbas və bir çox sələflər ayədəki سُلْطَان [sulta:n] sözünü “dəlil, sübut” kimi təfsir etmişlər. Uca Allah başqa ayələrdə eyni sözü bu mənada işlədərək belə buyurur: “Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır?!” (“əş-Şura”, 21); “Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir” (“ən-Nəcm”, 23).
Uca Allah buyurur: “Əgər bilirsinizsə, deyin görüm, iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?” Yəni, bu iki dəstədən hansı doğru yoldadır – Əlində zərər və fayda olana ibadət edən, yoxsa nə zərər, nə də fayda verə bilməyənə heç bir dəlil olmadan ibadət edən? Qiyamət günü Allahın əzabından əmin-amanlıqda olmağa hansı daha layiqdir?
Uca Allah buyurur: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır”, yəni ibadəti tək və şəriki olmayan Allaha məxsus edib, heç nəyi Ona şərik qoşmayanlar Qiyamət günü əmin-amanlıq içində olacaqlar. Dünya və Axirətdə doğru yolda olanlar da məhz onlardır.
əl-Buxari Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir” ayəsi nazil olduqda Peyğəmbərin ﷺ səhabələri dedilər: “Bizim hansı birimiz özünə zülm etməyib ki?” Uca Allah da bu ayəni nazil etdi: “Həqiqətən də, Allaha şərik qoşmaq böyük zülmdür!” (“Loğman”, 13). (əl-Buxari, 32).
İmam Əhməd Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir” ayəsi nazil olduqda, bu, səhabələrə ağır gəldi və: “Ey Allahın Elçisi, hansı birimiz özünə zülm etməyib ki?”– dedilər. Peyğəmbər ﷺ dedi: “Bu, heç də siz düşündüyünüz kimi deyil. Əməlisaleh qulun (Loğmanın öz oğluna): “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (“Loğman”, 13), – dediyini eşitməmisinizmi? Burada zülm dedikdə şirk nəzərdə tutulur”. (Əhməd (3589); ət-Tabəri (13476, 13480). (Əhməd Şakir). Əhməd, 4240. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5131).
Uca Allah buyurur: “Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir”, yəni bu dəlilləri İbrahimin qövmünə qarşı yönəltdik. Mucahid və başqaları bu ayə barədə belə demişlər: “Uca Allah bununla İbrahimin “Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm, iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?” sözünü nəzərdə tutur. Uca Allah onun bu dediyini təsdiqləmiş, onun əmin-amanlıqda və doğru yolda olduğuna hökm verərək belə buyurmuşdur: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır”. Bütün bunlardan sonra Uca Allah belə buyurur: “Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq”.
Uca Allah buyurur: “Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir”, yəni şübhəsiz ki, Rəbbin etdiklərində və dediklərində “hikmət sahibidir”, kimi doğru yola yönəldəcəyini, kimi də hüccət və dəlilləri bilməsinə baxmayaraq, azdıracağını yaxşı “biləndir”. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə, iman gətirməzlər” (“Yunus”, 96-97). Burada isə belə buyurur: “Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir”.
 
əl-Ənam, 84-90
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ كُلًّا هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِنْ قَبْلُ وَمِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ * وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِنَ الصَّالِحِينَ * وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلًّا فَضَّلْنَا عَلَى الْعَالَمِينَ * وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ * ذَلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ * أُولَئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ فَإِنْ يَكْفُرْ بِهَا هَؤُلَاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَيْسُوا بِهَا بِكَافِرِينَ * أُولَئِكَ الَّذِينَ هَدَى اللَّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ هُوَ إِلَّا ذِكْرَى لِلْعَالَمِينَ
84. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
85. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər.
86. İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik.
87. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.
88. Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.
89. Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər onlar bunu inkar etsələr, Biz onları inkar etməyən başqa bir qövmə həvalə edərik.
90. Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”.

 
Uca Allah bu ayədə İbrahimə (ona salam olsun) yaşa dolduqdan sonra İshaqı bəxş etdiyini xəbər verir. İbrahim və onun zövcəsi Sara uşaqlarının olacağından artıq ümidlərini kəsmişdilər. Lut qövmünə tərəf gedən mələklər İbrahimin yanına gələrək onu və zövcəsini İshaqın dünyaya gəlməsi ilə müjdələmişlər. Zövcəsi bu müjdəni eşitdikdə dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda, doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”. Mələklər dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”. (“Hud”, 72-73). Mələklər İbrahimi və onun zövcəsini İshaqın (ona salam olsun) dünyaya gəlişi ilə bərabər, onun həm də peyğəmbər olacağı və nəslinin davam edəcəyi ilə də müjdələmişlər. Uca Allah başqa bir ayədə buyurur: “Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik” (“əs-Saffət”, 112). Bu, ən mükəmməl müjdə və ən böyük nemətdir. Uca Allah buyurur: “Biz onu İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik” (“Hud”, 71). Yəni, siz həyatda ikən bu uşağın da bir oğlu olacaq. Bu uşaq (Yaqub) atasının (İshaqın) gözlərinə sevinc gətirdiyi kimi, sizin də gözlərinizə sevinc gətirəcək. Həqiqətən, övladın övladı nəslin davamçısı olduğu üçün insana böyük sevinc gətirir. Yaşlı ata-ana zəif olduqları və övladlarının nəslinin davam etməyəcəyini düşündükləri üçün onlara bu müjdə verilmiş və nəvələrinin adının Yaqub (ona salam olsun) olacağı bildirilmişdir. “Yaqub” sözü, “nəsil” və “son” anlamına gələn عَقِبٌ [aqib] kökündəndir. Qövmündən ayrıldığına, onları tərk edib oradan uzaqlaşdığına və yer üzündə Allaha ibadət etmək üçün öz ölkəsindən hicrət etdiyinə görə bu müjdə İbrahimə bir mükafat idi. Uca Allah İbrahimin qövmü və tayfasının əvəzinə, ona öz belindən, öz dininə bağlı əməlisaleh övlad vermişdir ki, bununla onu sevindirsin. Başqa bir ayədə Uca Allah belə buyurur: “İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik” (“Məryəm”, 49). Burada isə belə buyurur: “Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik”.
Uca Allah buyurur: “Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik”, yəni İbrahimdən əvvəl Nuhu doğru yola yönəltmişdik. İbrahimi doğru yola yönəltdiyimiz kimi Nuhu da doğru yola yönəltmişdik və ona əməlisaleh zürriyyət bəxş etmişdik. Bu iki peyğəmbərin hər birinin özünə xas böyük xüsusiyyətləri var: Nuha (ona salam olsun) gəlincə, Uca Allah gəmidə onunla birlikdə ona iman gətirənlər istisna olmaqla, yer üzünün əhalisini suya qərq edib, təkcə onun nəslini saxladı. Bütün insanlar Nuhun zürriyyətindəndir. Həmçinin Allahın yaxın dost tutduğu İbrahim də belədir. Uca Allah ondan sonra onun nəslindən gələnlərdən başqa peyğəmbər göndərməmişdir. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Onun nəslinə peyğəmbərlik və Kitab bəxş etdik” (“əl-Ənkəbut”, 27); “Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik” (“əl-Hədid”, 26); “Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır” (“Məryəm”, 58).
Uca Allah buyurur: “Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da”, yəni onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da doğru yola yönəltdik. Burada “onun” əvəzliyi Nuha aiddir, çünki zikr edilənlərdən şəxs əvəzliyinə ən yaxın olan odur. (Ərəb dilinin qaydalarına əsasən şəxs əvəzliyi, adətən, ona ən yaxın olan sözə aid olur. Bu ayədə Nuh şəxs əvəzliyinə ən yaxın olan isimdir, lakin bu heç də həmişə belə olmur). Ayədən aydın olan budur, İbn Cərir də bu rəyi seçmişdir. Ola da bilsin, şəxs əvəzliyi İbrahimə aiddir, çünki ayənin əvvəlində söhbət ondan gedir. Bu rəy də yaxşıdır. Lakin bu halda, Lut İbrahimin nəslindən olmadığı üçün uyğunsuzluq yaranır, çünki o, İbrahimin qardaşı Haran ibn Azərin oğludur. Ola bilsin, burada əksəriyyət nəzərə alınaraq Lut da İbrahimin nəslinə daxil edilmişdir. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “Yoxsa siz Yaquba ölüm gəldiyi zaman onun yanında idiniz? O zaman o, öz oğullarına demişdi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!” (“əl-Bəqərə”, 133). Halbuki İsmail Yaqubun əmisidir, əksəriyyət nəzərə alınaraq İshaqın ataları sırasına daxil edilmişdir. Necə ki Uca Allah buyurur: “Mələklərin hamısı ona səcdə etdilər. Yalnız İblisdən başqa” (“əl-Hicr”, 30-31). Bu ayədə mələklərə verilən səcdə etmək əmri İblisə də aid edilmişdir, sonra isə əmrə tabe olmadığına görə məzəmmət olunmuşdur. Çünki İblis (Allaha ibadət etməklə) mələklərə bənzəyirmiş, bu səbəbdən onların sırasına daxil edilmiş və onlara edilən müraciət ona da aid edilmişdir. Halbuki İblis cinlərdən idi. Cinlərin təbiəti oddur, mələklər isə nurdan xəlq edilmişlər.
Ayədə İsanın İbrahimin, digər rəyə görə isə Nuhun nəslindən sayılması ona dəlalət edir ki, qız övladlarının uşaqları da kişinin nəslinə daxildir. İsa anası Məryəm vasitəsilə İbrahimə nisbət edilmişdir, çünki İsanın (ona salam olsun) atası yoxdur.
İbn Əbu Hatim Əbu Hərb ibn Əbul-Əsvəddən rəvayət etmişdir ki, bir dəfə Həccac Yəhya ibn Yamərə xəbər göndərərək belə dedi: “Mənə çatan məlumata görə, sən Həsən və Hüseynin Peyğəmbərin ﷺ nəslindən olduğunu iddia edirsən. Buna Allahın Kitabında dəlil tapa bilərsənmi? Mən Quranı əvvəlindən sonuna qədər oxudum, lakin belə bir şeyə rast gəlmədim”. Yəhya ibn Yamər ona belə cavab verdi: ”əl-Ənam” surəsində keçən bu ayəni oxumusanmı: “Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı...” O: “Bəli, oxudum”– deyə cavab verdi. Yəhya dedi: “Atası olmadığı halda, İsa İbrahimin nəsilindən deyilmi?” Həccac dedi: “Doğru söylədin”. (İbn Əbu Hatim, 7554).
Buna əsasən, əgər kişi öz nəslinə bir şeyi vəsiyyət, vəqf (Vəqf – bir şeyin əslini (özünü) saxlayıb, mənfəətini Allah yolunda xərcləməyə deyilir. Əslini (özünü) saxlamaq dedikdə ev, bina, əkin sahəsi, dükan və maşın kimi faydalı şeylər nəzərdə tutulur. Mənfəət dedikdə isə ondan əldə olunan gəlir, məhsul, icarə haqqı, məskunlaşma və s. bu kimi faydalar nəzərdə tutulur. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Ömər Səmğ adlanan xurmalığını Peyğəmbərin ﷺ zamanında sədəqə verdi. (Bunu verməmişdən əvvəl) Ömər Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, mənim çox dəyərli olan bir malım var və mən onu sədəqə vermək istəyirəm”. Peyğəmbər ﷺ buyurdu: “Əslini sədəqə ver ki, nə satılsın, nə hədiyyə verilsin, nə də miras qalsın. Ancaq meyvəsi paylanılsın”. Beləliklə, Ömər o xurmalığı sədəqə verdi ki, onun meyvəsindən Allah yolunda vuruşanlara, kölələrin azad edilməsinə, kasıblara, qonaqlara, müsafirlərə və qohumlara verilsin. Xurmaları paylaşdıran kimsə ondan qaydasında yesə və ya onu mənimsəməmək şərtilə, dostlarına yedirtsə, (ona) günah sayılmaz”. (əl-Buxari, 2558, 2764) və ya hədiyyə edərsə, onun qızlarının uşaqları da bura daxildir. Lakin, əgər kişi yalnız oğullarına vəsiyyət və ya vəqf edərsə, bu halda yalnız öz belindən gələn oğullarına və oğullarının oğullarına aiddir. Belə deyənlər şairin bu sözünə əsaslanmışlar:
 
بَنُونَا بَنُو أبْنَائِنَا وَبَنَاتُنَا    بَنُوهُنَّ أَبْنَاءُ الرِّجَالِ الأجَانِبِ
Oğullarımızın oğulları oğullarımızdır,
 qızlarımızın oğulları isə yad kişilərin oğullarıdır.
 
Digər alimlər isə qızların oğullarının da kişinin nəslinə aid olduqlarını demişlər və əl-Buxarinin “Səhih” əsərindəki bu hədisi dəlil gətirmişlər: Peyğəmbər ﷺ Əlinin oğlu Həsən barədə belə demişdir: “Mənim bu oğlum çox hörmətli şəxsiyyətdir. Vaxt gələcək o, müsəlmanlardan iki böyük dəstənin arasını düzəldəcəkdir”. (əl-Buxari, 2505, 2704). Hədisdə Peyğəmbər ﷺ qız nəvəsini “oğul” adlandırmışdır və bu ona dəlalət edir ki, qızın övladları da kişinin nəslinə daxildir. Bəzi alimlər isə bunun məcazi mənada olduğunu demişlər.
Uca Allah buyurur: “Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də”. Bu ayədə Uca Allah adları keçən peyğəmbərlərin birinci və ikinci dərəcəli qohumlarını, sonra isə onlarla eyni təbəqədə olanları zikr etmiş və onların hamısını seçərək doğru yola yönəltdiyini bildirmişdir. Bu səbəbdən ayənin davamında: “Onları seçdik və düz yola yönəltdik”– buyurur.
Sonra Uca Allah belə buyurur: “Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir”, yəni bütün bunlar Allahın onları hidayətə müvəffəq etməsi və onları doğru yola yönəltməsi ilə olmuşdur. “Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı”. Bu ayə şirkin (Allaha şərik qoşmağın) nə qədər ağır və təhlükəli bir əməl, ona düşməyin isə nə qədər böyük bir günah olmasına dəlalət edir. Uca Allah başqa ayədə belə buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər Allaha şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (“əz-Zumər”, 65). Bu, şərt budaq cümləsidir və bu heç də o demək deyil ki, şərt budaq cümləsində qeyd olunan hadisə mütləq baş verməlidir. Başqa ayələrdə də bu qəbildən şərt budaq cümlələri işlənmişdir. Uca Allah buyurur: “De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım” (“əz-Zuxruf”, 81); “Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik” (“əl-Ənbiya”, 17); “Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır” (“əz-Zumər”, 4).
Uca Allah buyurur: “Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir”, yəni biz ona görə bu neməti onlara verdik ki, bizim tərəfimizdən qullara rəhmət və yaradılanlara lütf olsun. “Əgər onlar bunu inkar etsələr, ...”, yəni, əgər peyğəmbərliyi inkar etsələr. Burada “bunu” əvəzliyi üç şeyə: Kitab, hikmət və peyğəmbərliyə aid ola bilər. İbn Abbas, Səid ibn əl-Museyyib, Qatədə və əs-Suddi ayədə “Əgər onlar” deyildikdə Məkkə əhalisinin nəzərdə tutulduğunu demişlər. “Biz onları inkar etməyən başqa bir qövmə həvalə edərik”, yəni, əgər Qureyş və onlardan başqa, yer üzü əhalisindən ərəb, əcəm, Kitab əhli və digər dinlərdən bu nemətləri inkar edənlər olarsa, “Biz onları inkar etməyən başqa bir qövmə həvalə edərik”, yəni Biz onu başqa bir qövmə həvalə edərik ki, bunlar mühacir, ənsar və Qiyamətə qədər onların ardınca gedənlərdir. Onlar bu ayələrdən heç bir şeyi inkar etməzlər, ondan bir hərf belə geri qaytarmazlar, ayələrin hamısına – həm mənası aydın olanlara, həm də aydın olmayanlara, iman gətirərlər. Uca Allah Öz neməti, səxavəti və lütfü ilə bizləri də onlardan etsin!
Sonra Uca Allah qulu və elçisi Muhəmmədə ﷺ xitab edərək belə buyurur: “Bunlar”, yəni adları çəkilən peyğəmbərlər, həmçinin onlara oxşayan ataları, nəsilləri və qardaşları “Allahın doğru yola yönəltdiyi kəslərdir”, yəni başqaları deyil, yalnız onlar hidayətə layiq olanlardır. “Sən də onların haqq yoluna yönəl”, yəni elə isə, sən də onların doğru yoluna tabe ol. Əgər bu əmr Peyğəmbərə ﷺ yönəlmişsə, sözsüz ki, ümməti də onun qoyduğu şəriət qanunlarına və buyurduqlarına tabe olmalıdır. “De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm”, yəni bu Quranı sizə çatdırdığıma görə sizdən heç bir əvəz, heç bir şey istəmirəm. “Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”, yəni bu Kitab onlar üçün bir öyüd-nəsihətdir, onun vasitəsilə korluqdan hidayətə, azğınlıqdan doğru yola və küfrdən imana yönələrlər.
 
əl-Ənam, 91-92
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَى بَشَرٍ مِنْ شَيْءٍ قُلْ مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَى نُورًا وَهُدًى لِلنَّاسِ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُمْ مَا لَمْ تَعْلَمُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ قُلِ اللَّهُ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ * وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ مُصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنْذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالْآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ
91. Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə, Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı nə sizin, nə də atalarınızın bilmədiyi şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.
92. Bu, şəhərlər anası Məkkəni və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.

 
Uca Allah bu ayədə buyurur ki, onlar Allahın onlara göndərdiyi elçiləri yalan saymaqla Allahı layiqincə əzəmətləndirmədilər. İbn Abbas və Mucahid bu ayənin Qureyş qəbiləsi barədə nazil olduğunu demişlər. İbn Cərir də bu rəyi seçmişdir. Bəzi alimlər isə bu ayənin bir qrup yəhudi barədə nazil olduğunu demişlər. Ayənin yəhudilərdən olan Finhas və Malik ibn əs-Sayf barədə nazil olduğu da deyilmişdir. Uca Allah ayədə: “Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə, Allahı layiqincə qiymətləndirmədilər”– buyurduğu üçün yuxarıda qeyd edilən nazilolma səbəblərindən birincisi daha doğrudur, çünki ayə Məkkədə nazil olmuşdur. Yəhudilər səmadan Kitab nazil olmasını inkar etmirdilər. Ancaq bütün ərəblər, o cümlədən Qureyş qəbiləsi, insanlardan bir elçi göndərilməsini qeyri-mümkün hesab edirdilər. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü?” (“Yunus”, 2); “İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu. De: “Əgər yer üzündə arxayın gəzib-dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik” (“əl-İsra”, 94-95). Burada isə Uca Allah belə buyurur: “Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə, Allahı layiqincə qiymətləndirmədilər”. Sonra Uca Allah belə buyurur: “De”, yəni ey Muhəmməd, Allah dərgahından hər hansı bir kitabın nazil olmasını inkar edənlərə bir hadisəni isbat edərək onların ümumi inkarlarına cavab verəcək bu sözü söylə: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir?” Yəni, Uca Allah sizin və hər kəsin yaxşı bildiyi Tövratı İmran oğlu Musaya (ona salam olsun) nazil etmişdi ki, düşdüyü çətinliklərdə ona işıq saçsın, şübhələrin zülmətlərində doğru yol tapsın.
Uca Allah buyurur: “Onlar (Ayədə keçən “yazmaq”, “göstərmək” və “gizlətmək” feillərini ayədə olduğu kimi, indiki zaman ikinci şəxsin cəmində deyil, üçüncü şəxsin cəmində vermişik, çünki kitabın (İbn Kəsirin) əlyazmasında bu şəkildə yazılmışdır. Bu qiraət İbn Kəsirə (qiraət alimi) və Əbu Amra aiddir. İbn Muheysin əl-Yəzidi də bu qiraətlə razılaşmışdır. Yerdə qalan on dörd qiraətçi ayədə keçən bu feilləri ikinci şəxsin cəmində oxumuşlar. Hafs qiraətinə uyğun yazılmış əlimizdəki Quran kitablarında da bu şəkildədir. ət-Tabəri də İbn Kəsirin seçdiyi qiraəti üstün görmüş və bu qiraəti həmçinin Mucahidə nisbət etmişdir (11/525-526). ət-Tabəri demişdir: “Bu feillərin üçüncü şəxsdə olması daha doğrudur. Yəni, yəhudilər Tövratı kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirlər. Uca Allahın “De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir?” xitabı isə Qureyş müşriklərinə yönəlmişdir”. (Əhməd Şakir) onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirlər”, yəni onlar Tövratı özlərində olan əsl kitabdan hissələrə bölüb ayrı-ayrı kağızlara yazırlar, orada yazılanları təhrif edib dəyişdirirlər və aid olmadığı mənaya yozurlar, sonra isə: “Bu, Allah tərəfindəndir!”– deyirlər” (“əl-Bəqərə”, 79), yəni bu dediklərinin nazil olmuş Kitabda olduğunu iddia edirlər. Halbuki bu, Allah tərəfindən deyildir. Bu səbəbdən Uca Allah: “Onlar onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirlər”– buyurur. Sonra Uca Allah buyurur: “Axı nə sizin, nə də atalarınızın bilmədiyi şeylər sizə öyrədilmişdir”, yəni sizə Quranı nazil edən və orada sizə əvvəlki ümmətlərin xəbərlərini öyrədən, habelə nə sizin, nə də atalarınızın bilmədiyi gələcək hadisələri sizə öyrədən kimdir? Qatədə ayədə ərəb müşriklərinin, Mucahid isə müsəlmanların nəzərdə tutulduğunu demişdir.
Uca Allah buyurur: “Sən: “Allah!”– de”. İbn Abbas demişdir: “Yəni “Onu Allah nazil etmişdir”– de”. İbn Abbasın (Allah ondan razı olsun) ayəni bu şəkildə açıqlaması doğru təfsirdir. Son dövrün bəzi alimlərinin dedikləri kimi, ayəni “Sən onlara xitab edərək yalnız: “Allah”– de” şəklində təfsir etmək düzgün deyil. Çünki ayəni bu şəkildə təfsir edənlərə görə, burada yalnız bir söz demək əmr olunur. Ərəb dilində isə bir söz məna ifadə etmir, çünki fikir tamamlanmır.
Uca Allah buyurur: “Sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər”, yəni sonra onları tərk et, qoy Allah tərəfindən onlara ölüm gələnə qədər cahillikləri və azğınlıqları içində oynasınlar. Gözəl aqibətin onların, yoxsa Allahın müttəqi qullarının olacağını yaxında biləcəklər.
Uca Allah buyurur: “Bu”, yəni Quran, “şəhərlər anası Məkkəni və onun ətrafındakıları”, yəni həm ərəb qəbilələrini, həm də ərəb olmayan Adəm övladlarının digər tayfalarını xəbərdar edəsən deyə, sənə nazil etdiyimiz mübarək Kitabdır. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm” (“əl-Əraf”, 158); “Bu Quran mənə, onunla sizi və onun yetişəcəyi hər kəsi xəbərdar etməyim üçün vəhy olundu” (“əl-Ənam”, 19), “Onu inkar edən firqələrin vəd olunduğu yer oddur” (“Hud”, 17); “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!” (“əl-Furqan”, 1); “Kitab verilənlərə və savadsızlara de: “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görəndir” (“Ali-İmran”, 20). əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: ...”, bu xislətlərdən biri də budur: “Hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”. (əl-Buxari, 323, 335). Bu səbəbdən Uca Allah: “Axirətə inananlar ona da inanırlar”– buyurur. Yəni, “Ey Muhəmməd, Allaha və Axirət gününə inanan hər kəs sənə nazil etdiyimiz mübarək Kitab olan Qurana da inanar”. “Onlar namazlarını doğru-düzgün qılırlar”, yəni onlar özlərinə fərz edilmiş namazları vaxtlı-vaxtında qılarlar.
 
əl-Ənam, 93-94
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَنْ قَالَ سَأُنْزِلُ مِثْلَ مَا أَنْزَلَ اللَّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ * وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ
93. Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”– dediklərini bircə görəydin!
94. Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi, tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır.

 
Uca Allah buyurur: “Allaha qarşı yalan uydurandan... daha zalım kim ola bilər?” Yəni, Allaha qarşı yalan uyduraraq Ona şərik qoşan və ya övlad nisbət edən, yaxud Allah tərəfindən göndərilmədiyi halda, Allahın onu insanlara göndərdiyini iddia edəndən daha zalım bir kəs yoxdur. Bu səbəbdən Uca Allah: “...və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən... daha zalım kim ola bilər?”– buyurur. İkrimə və Qatədə bu ayənin yalançı peyğəmbər Museylimə barədə nazil olduğunu demişlər.
Uca Allah buyurur: “...və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər?”, yəni uydurduğu sözü Uca Allah dərgahından gələn vəhyə bənzədəcəyini iddia edəndən daha zalım kim ola bilər? Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Ayələrimiz onlara oxunduğu zaman deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” (“əl-Ənfal”, 31). Uca Allah buyurur: “Zalımları ölüm girdabında olduqda, ...”, yəni ölüm əzabı, ölüm bihuşluğu içində çabaladıqda, “...mələklərin də əllərini uzadıb”, yəni mələklərin də əlləri ilə onları vurduğunu görəydin. Necə ki başqa ayələrdə Uca Allah بَسَطَ [bəsəta] “uzatmaq” feili ilə vurmağı nəzərdə tutaraq buyurur: “Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm” (“əl-Maidə”, 28); “Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər” (“əl-Mumtəhənə”, 2). əd-Dahhək və Əbu Saleh ayənin “...mələklərin də əllərini uzadıb” hissəsini “əzab verə-verə” kimi təfsir etmişlər. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin! Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını!” (“əl-Ənfal”, 50). Uca Allah ayədə: “...mələklərin də əllərini uzadıb”– buyurur. Yəni, ruhları cəsədlərindən çıxsın deyə, mələklər onları əlləri ilə vuracaqlar. Bu səbəbdən onlara: “Canınızı çıxarın!”– deyəcəklər. Kafirə ölüm anı gəldikdə, mələklər onu əzab, cəza, zəncir, buxov, Cəhənnəm, qaynar su, Mərhəmətli və Rəhmli Allahın qəzəbi ilə müjdələyərlər. Bunu bildikdə ruhu cəsədinə yayılar, mələklərin əmrinə asi olar və çıxmaq istəməz. Mələklər də ruhlar cəsədlərdən çıxana qədər onları vurar və belə deyərlər: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” Yəni, necə ki siz Allaha qarşı yalanlar uydurub, Onun ayələrinə boyun əyməyi, elçilərinə tabe olmağı özünüzə ar bilib təkəbbürlük etdiniz, eyni şəkildə bu gün ən böyük təhqirə məruz qalacaqsınız. Mömin və kafirin ölüm halının necə olacağına dair bir çox hədislər varid olmuşdur ki, bu hədislər Uca Allahın “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (“İbrahim”, 27) ayəsinin təfsirində qeyd olunacaq.
Uca Allah buyurur: “Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi, tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz”, yəni Allahın hüzuruna gəldikləri gün onlara belə deyiləcək. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik: “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik” (“əl-Kəhf”, 48). Yəni, sizi ilk dəfə yaratdığımız kimi, əvvəlki halınıza qaytaracağıq. Siz isə bunu inkar edir və bunun mümkünsüz olduğunu düşünürdünüz. Budur, bu gün məhz həmin dirilmə günüdür!
Uca Allah buyurur: “...həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz”, yəni dünyada ikən qazandığınız malları və nemətləri arxanızda qoyub gəldiniz. “Səhih” əsərində keçən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Adəm övladı: “Malım, malım”– deyir. Halbuki sənə malından çatan yalnız yeyib həzm etdiyin, geyinib köhnəltdiyin və Allah yolunda sədəqə verib savabını (Axirətin üçün) saxladığın deyilmi? Yerdə qalanını isə öldükdən sonra insanlara qoyub gedəcəksən”. (Muslim (2/383-384). Hədis Abdullah ibn əş-Şixxirdən (Allah ondan razı olsun) rəvayət olunur. Həmçinin hədisi Əhməd, ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. Hədis “əl-Bəqərə” surəsinin 213-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Muslim, 5259, 7611).
Uca Allah buyurur: “Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük”. Uca Allah bununla Allaha şərik qoşanları dünyada ikən bütləri Allaha tay tutduqlarına görə məzəmmət edir. Onlar elə zənn edirdilər ki, bu bütlər dünyada və əgər Allahın hüzuruna qayıdarlarsa, Axirətdə onlara fayda verəcək. Qiyamət günü isə aralarındakı əlaqələr kəsiləcək, azğınlıq içində olduqları bəlli olacaq və uydurduqları şeylər yox olub gedəcək. Uca Allah bütün varlıqların qarşısında onlara: “İddia etdiyiniz şəriklərim haradadırlar?” (“əl-Qəsəs”, 62, 74) – deyə səsləncəkdir. Həmçinin onlara deyiləcək: “Hanı sizin ibadət etdikləriniz – Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?” (“əş-Şuəra”, 92-93). Bu səbəbdən Uca Allah ayədə: “Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük”– buyurur. Yəni, Allaha ibadətdə şərik qoşduğunuz, Allahla yanaşı onların da ibadətdən bir paya layiq olduğunu sandığınız şəfaətçilərinizi yanınızda görmürük.
Sonra Uca Allah buyurur: “Artıq aranızda əlaqə qırılmış,...”. Ayədə keçən بَينَكُمْ [beynəkum] “aranızda” sözü “birliyiniz” mənasını verən بَينُكُمْ [beynukum] şəklində də oxunmuşdur. بَينَكُمْ [beynəkum] “aranızda” qiraətinə görə məna belə olacaq: “Aranızdakı bağlar, tellər və əlaqələr artıq qırılmışdır”. بَينُكُمْ [beynukum] qiraətinə görə isə məna belə olacaq: “Aranızda olan birlik dağılmışdır”. “İddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır”, yəni bütlərə bəslədiyiniz ümidləriniz də artıq yox olmuşdur. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Tabe olunmuş başçılar tabe olanlardan uzaqlaşacaqları zaman, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir. Tabe olanlar deyəcəklər: “Kaş bizim üçün dünyaya dönüş olaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə, Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər” (“əl-Bəqərə”, 166-167); “Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar” (“əl-Muminun”, 101); “İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi inkar edib lənətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz” (“əl-Ənkəbut”, 25); “Müşriklərə: “Şəriklərinizi çağırın!”– deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar” (“əl-Qəsəs”, 64); “O gün onların hamısını bir yerə toplayacaq, sonra da Allaha şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!”– deyəcəyik. Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!”– deməkdən başqa bir bəhanələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan söylədilər! Uydurduqları şeylər də onlardan qeyb olub getdi” (“əl-Ənam”, 22-24). Bu xüsusda ayələr olduqca çoxdur.
 
əl-Ənam, 95-97
إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَى يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ذَلِكُمُ اللَّهُ فَأَنَّى تُؤْفَكُونَ * فَالِقُ الْإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ * وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُوا بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
95. Şübhəsiz ki, toxumu da, çəyirdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilirsiniz!
96. (Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, Günəşi və Ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.
97. Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə, sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik.

 
Uca Allah bu ayədə bildirir ki, “toxumu da, çəryirdəyi də Allah çatladır”, yəni toxumu da, çəryirdəyi də nəm torpağın altında cücərdib parçalayan Odur. Bu çəyirdəkdən və toxumdan növbənöv dənli bitkilər və meyvələr bitər, yəni bu toxumlardan müxtəlif rəngə, ölçüyə, dada malik əkinlər çıxar. Bu səbəbdən Uca Allah: “Şübhəsiz ki, toxumu da, çəyirdəyi də Allah çatladır” cümləsini “O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır” cümləsi ilə açıqlamışdır. Yəni, diri olan bitkiləri cansız ölü kimi olan toxum və çəyirdəkdən çıxarar. Necə ki başqa bir ayədə belə buyurur: “Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən yesinlər. Onlar şükür etməyəcəklərmi?! Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir” (“Yasin”, 33-36).
Uca Allah “Şübhəsiz ki, toxumu da, çəyirdəyi də Allah çatladır” cümləsini “O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır” cümləsi ilə açıqlamışdır və bu iki cümləni bir-birinə bağlamışdır. Alimlər bu ayəni bir-birinə yaxın mənalarda olan bir çox cümlələrlə açıqlamışlar. Bəziləri “Toyuğu yumurtadan, yumurtanı da toyuqdan çıxarar” demiş, bəziləri isə “Saleh uşağı kafirdən, kafiri də salehdən çıxarar” demişlər. Həmçinin ayənin ehtiva etdiyi başqa cümlələr də deyilmişdir.
Uca Allah buyurur: “Budur Allah!”, yəni bunları edən tək və şəriki olmayan Allahdır. “Siz necə də haqdan döndərilirsiniz!” Yəni, siz necə haqdan döndərilib, batilə yönəlirsiniz və Allahla yanaşı başqa məbudlara ibadət edirsiniz?!
Uca Allah buyurur: “(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, Günəşi və Ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur” (Asim, Həmzə, əl-Kisəi, Xələf və əl-Əmaş bu ayəni جَاعِلُ اللَّيْلِ [cə:ilul-leyli] (indiki zaman feili sifəti) şəklində oxumuşlar, Hafs isə bu ayəni جَعَلَ اللَّيْلَ [cəaləl-leylə] (keçmiş zaman feili) şəklində oxumuşdur. (Əhməd Şakir), yəni işığı və qaranlığı yaradan Allahdır. Necə ki bu surənin əvvəlində Uca Allah: “Zülmətləri və nuru var edən...” (“əl-Ənam”, 1) – deyə buyurur. Pak və Nöqsansız olan Allah gecənin qaranlığından səhərin şəfəqini sıyırıb çıxarar və varlıqları işıqlandırar, üfüqü nurlandırar, qaranlıq yox olar və beləcə, gecə öz şiddətli zülməti ilə aradan qalxar, onun yerini isə gündüz işığı və şəfəqi tutar. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür” (“əl-Əraf”, 54). Uca Allah burada müxtəlif və bir-birinə zidd şeyləri yaratmağa qadir olduğunu açıqlayır. Bu isə Uca Allahın əzəmətinin və hökmranlığının kamilliynə dəlalət edir. Uca Allah gecənin zülmətindən səhəri yarıb çıxardığını qeyd edir, sonra buna qarşılıq olaraq “gecəni bir istirahət vaxtı”, yəni gecəni hər şeyin sükunət tapdığı bir qaranlıq etdiyini buyurur. Necə ki başqa ayələrdə belə buyurur: “And olsun səhərə! And olsun sakitləşən gecəyə!” (“əd-Duha”, 1-2); “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə! And olsun Günəşin çıxması ilə aydınlaşan gündüzə!” (“əl-Leyl”, 1-2); “And olsun Günəşi açıqlığa çıxaran gündüzə! And olsun Günəşi bürüyən gecəyə!” (“əş-Şəms”, 3-4). İbn Əbu Hatim rəvayət etmişdir ki, Suheyb ər-Rumi (Allah ondan razı olsun) çox yuxusuz qaldığına görə onu danlayan zövcəsinə belə demişdir: “Suheyb istisna olmaqla, Uca Allah gecəni hər kəs üçün bir istirahət vaxtı etmişdir. Suheyb Cənnəti xatırladıqda ora girməyə rəğbəti artar, Cəhənnəmi xatırladıqda isə yuxusu qaçar”. (İbn Əbu Hatim, 7676).
Uca Allah buyurur: “Günəşi və Ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur”, yəni Günəş və Ay nizamlanmış və müəyyən olunmuş bir ölçü ilə hərəkət edir. Bu nizam nə dəyişər, nə də qarışar. Əksinə, onlardan hər birinin yaz və qış fəsillərində tutduqları mənzilləri vardır. Gecə və gündüzün dəyişməsi – uzanması və qısalması məhz buna əsasən baş verir. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ona mənzillər (səfhələr) müəyyən edən Odur” (“Yunus”, 5); “Nə Günəş Aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedər” (“Yasin”, 40); “Günəşi, Ayı və ulduzları Öz əmrinə tabe edən də Odur” (“əl-Əraf”, 54).
Uca Allah buyurur: “Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür”, yəni bütün bunlar yenilməz qüvvət sahibi olan Allahın əzəli hökmü ilə baş verir. Heç kəs Onun hökmünə etiraz edə və qarşı çıxa bilməz, O, hər şeyi biləndir, nə yerdə, nə də göydə zərrə qədər bir şey Ondan gizli qalmaz. Uca Allah bir çox ayələrdə gecəni və gündüzü, Günəşi və Ayı yaratmasını zikr etdikdə, ayəni qüdrət və elmlə bitirir. Bu ayədə olduğu kimi, “Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar. Günəş də özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür” (“Yasin”, 37-38). Uca Allah “Fussilət” surəsinin əvvəlində göyləri, yeri və onların arasındakıları yaratdığını zikr etdikdə isə: “Biz dünya səmasını qəndillərlə bəzədik və onu hifz etdik. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür” (“Fussilət”, 12) – buyurur.
Uca Allah buyurur: “Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə, sizin üçün ulduzları yaradan Odur”. Sələf alimlərindən biri belə demişdir: “Ulduzlar barədə bu üç şeydən başqa, bir şeyə inancı olan səhv etmiş və Allaha yalan uydurmuşdur. Nəzərdə tutulan üç şey bunlardır: Allah ulduzları göy üzü üçün bir bəzək, şeytanlara atılan alov (Uca Allah buyurur: “Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq” (“əl-Mulk”, 5), bir də qurunun və dənizin qaranlıqlarında insanlara yol göstərən bələdçi olaraq yaratmışdır”. Uca Allah buyurur: “Artıq Biz ayələri bilən bir qövmə izah etdik”, yəni ayələrimizi düşünən, haqqı bilib batildən uzaqlaşan qövmə belə açıqlayırıq və izah edirik.
 
əl-Ənam, 98-99
وَهُوَ الَّذِي أَنْشَأَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ * وَهُوَ الَّذِي أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُخْرِجُ مِنْهُ حَبًّا مُتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِنْ طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انْظُرُوا إِلَى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
98. Sizi tək bir candan yaradan Odur. Sizin üçün qərar tutacağınız və əmanət saxlanılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.
99. Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirdik, onlardan da üst-üstə düzülmüş dənələr çıxardıq. Xurma ağacından, onun tumurcuğundan sallanmış salxımlar yetişir. Biz, həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdirdik. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır.

 
Uca Allah buyurur: “Sizi tək bir candan”, yəni Adəmdən “yaradan Odur”. Necə ki başqa bir ayədə belə buyurur: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!” (“ən-Nisa”, 1). Təfsir alimləri Uca Allahın “Sizin üçün qərar tutacağınız və əmanət saxlanılan yer vardır” ayəsinin mənasında ixtilaf etmişlər. İbn Abbas, İbn Məsud, Mucahid, Qatədə və digərləri (Allah onlardan razı olsun) ayənin “qərar tutacağınız... yer” hissəsini “anaların bətni” kimi, “əmanət saxlanılan yer” hissəsini isə “ataların beli” kimi təfsir etmişlər. İbn Məsud və bir qrup təfsirçilər isə bunun əksini demişlər. Yenə İbn Məsud və bir qrup təfsirçilər qərar tutulacaq yeri dünya, əmanət saxlanılan yeri isə öldüyü yer kimi təfsir etmişlər. Birinci rəy daha qüvvətlidir. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Artıq Biz ayələri anlayan bir qövmə izah etdik”, yəni Allahın Kəlamını anlayan bir camaat üçün ayələrimizi belə müfəssəl bəyan edirik.
Uca Allah buyurur: “Göydən su endirən Odur”, yəni göydən lazımi qədər bərəkətli yağış endirən Odur. Bu yağış Allahdan qullara ruzi, məxluqata isə bir rəhmətdir. “Biz onunla hər bir bitkini yetişdirdik”. Buna oxşar başqa bir ayədə Uca Allah belə buyurur: “Hər bir canlını sudan yaratdığımızı görmürlərmi?” (“əl-Ənbiya”, 30).
Uca Allah buyurur: “...ondan yaşıl otlar bitirdik”, yəni yaşıl əkin və ağaclar çıxardıq. Bundan sonra dənli bitkilər və meyvələr yaratdıq. Uca Allah buyurur: “...onlardan da üst-üstə düzülmüş dənələr çıxardıq”, yəni sünbül və buna bənzər bir-birinin üzərinə düzülmüş dənələr çıxardıq. “Xurma ağacından, onun tumurcuğundan sallanmış salxımlar yetişir”. Bu ayədə keçən قِنْوَانٌ [qinvə:n] sözü “təzə xurma salxımları” deməkdir. دَانِيَةٌ [də:niyətun] sözü isə “dərmək üçün yaxın olan” deməkdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Salxımları yerə yapışıq vəziyyətdə, qısa xurma ağacları nəzərdə tutulur”. Bu təfsiri İbn Cərir rəvayət etmişdir. (ət-Tabəri, 13179; İbn Əbu Hatim, 770).
Uca Allah buyurur: “Biz, həmçinin üzüm bağları... yetişdirdik”. Bu iki növ meyvə (xurma və üzüm) Hicaz əhalisinin (Ərəbistan yarımadasının əhalisi). ən qiymətli meyvələrindən sayılır. Hətta onlar üçün dünyada ən yaxşı meyvədir. Necə ki başqa bir ayədə Uca Allah bu meyvələri qullarına nemət olaraq verdiyini xatırladır: “Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan bir qövm üçün dəlillər vardır” (“ən-Nəhl”, 67). Lakin bu ayə sərxoşedici içki haram olmazdan əvvəl nazil olmuşdur. Başqa bir ayədə Uca Allah belə buyurur: “Biz orada xurma bağları və üzümlüklər yaratdıq” (“Yasin”, 34).
Uca Allah buyurur: “...bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdirdik”. Qatədə və başqaları bu ayə barədə belə demişlər: “Yarpaqları bir-birlərinə bənzəyir. Bəzi bitkilər zahiri görünüşcə bir-birinə yaxın, lakin meyvələri görünüş, dad və xüsusiyyət baxımından fərqli olur”.
Uca Allah buyurur: “Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın”. Bəra ibn Azib, İbn Abbas, Qatədə və başqaları (Allah onlardan razı olsun) demişlər: “Yəni, yetişməsinə baxın”. Yəni, bunları yoxdan var edən Allahın qüdrəti barədə düşünün. Bir odun parçası idi, sonra isə üzüm, yaş xurma və başqa şeylər halına gəldi. Uca Allah ondan müxtəlif rənglər, formalar, dadlar və qoxular yaradır. Necə ki başqa bir ayədə buyurur: “Yer üzündə bir-birinə yaxın müxtəlif münbit torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər var” (“ər-Rəd”, 4).
Uca Allah buyurur: “Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır”, yəni, həqiqətən, bu şeylərdə Allahı təsdiq edib Onun elçilərinə tabe olan bir camaat üçün Yaradanın kamil qüdrətinə, hikmətinə və rəhmətinə dəlillər vardır.
 
əl-Ənam, 100
وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ
100. Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar Allah haqqında bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır.

 
Bu ayə Allahla yanaşı, başqa məbudlara və cinlərə ibadət edərək onları Allaha şərik qoşan müşriklərə bir rədd cavabıdır. Allah onların qoşduqları şəriklərdən və etdikləri küfrlərdən ucadır.
Əgər soruşulsa ki, onlar yalnız bütlərə ibadət etdikləri halda, cinlərə necə ibadət edə bilərlər? Bunun cavabı belə olar: onlar cinlərə itaət etməklə onlara ibadət etmişlər. Cinlər onlara Allaha şərik qoşmağı əmr etmişlər. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə dua edir, əslində isə yalnız üsyankar şeytana sitayiş edirlər. Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam, onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub, şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır. Şeytan onlara vədlər verir və onları xülyalara salır. Halbuki şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir” (“ən-Nisa”, 117-120); Həmçinin buyurur: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub, onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də yarıtmaz bir mübadilədir!” (“əl-Kəhf”, 50). İbrahim atasına demişdir: “Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu” (“Məryəm”, 44). Başqa bir ayədə isə belə buyurur: “Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o, sizin açıq-aydın düşməninizdir, Mənə ibadət edin?! Doğru yol budur” (“Yasin”, 60-61); Mələklər Qiyamət günü Allaha belə deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər! Əksəriyyəti də məhz onlara iman gətirmişdi” (“Səba”, 41). Bu səbəbdən Uca Allah belə buyurur: “Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır”, yəni cinləri də Allah yaratmışdır, O, tək Yaradandır və Onun şəriki yoxdur. Belə olan halda, Allahla yanaşı, başqasına necə ibadət etmək olar?! Necə ki İbrahim (ona salam olsun) belə demişdir: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?! Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (“əs-Saffat”, 95-96). Ayənin mənası belədir: “Uca Allah tək Yaradandır və O, bu xüsusda heç kəsdən asılı deyil. Bu səbəbdən ibadət tək və şəriki olmayan Allaha edilməlidir”.
Uca Allah buyurur: “Onlar Allah haqqında bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular”. Uca Allah bununla Allahın övladı olduğunu iddia edənlərin zəlalətə düşdüklərini bildirir. Necə ki yəhudilər Üzeyir barədə, xaçpərəstlər isə İsa (ona salam olsun) barədə belə bir iddiadadırlar. Ərəb müşrikləri isə mələklərin Allahın qızları olduğunu demişlər. Uca Allah onların bu dediklərindən çox ucadır. Ayədə keçən خَرَقُوا  [xaraqu] feili “uydurdular”, “böhtan atdılar”, “yalan danışdılar” mənasındadır. Sələf alimləri bu feili belə açıqlamışlar. İbn Cərir demişdir: “Ayənin açıqlaması belədir: “Uca Allah cinləri şəriki və yardımçısı olmadan tək yaratdığı halda, onlar ibadətdə cinləri Allaha şərik qoşdular və dediklərinin mahiyyətinə varmadan, “Allah haqqında bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular”. Allahı və Onun əzəmətini bilmədən Ona oğullar və qızlar isnad etdilər. Halbuki ilah olanın nə oğulları, nə qızları, nə də zövcəsi ola bilməz, yaratdıqlarından heç kəs Ona şərik ola bilməz. Bu səbəbdən Uca Allah ayənin sonunda: “Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır”– buyurur. Yəni, Allah bu cahillərin və azğınların Ona övladlar, bənzərlər, oxşarlar və şəriklər nisbət etməsindən pakdır, müqəddəsdir, ucadır və böyükdür”. (ət-Tabəri, 13691).
 
əl-Ənam, 101
بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنَّى يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُنْ لَهُ صَاحِبَةٌ وَخَلَقَ كُلَّ شَيْءٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
101. O, göyləri və yeri yoxdan var edəndir. Onun zövcəsi olmadığı halda, övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.

 
Uca Allah buyurur: “O, göyləri və yeri yoxdan var edəndir”. Mucahid və əs-Suddi demişlər: “Yəni, daha əvvəl bənzəri olmadan yaradan, vücuda gətirən Odur”. Dinə sonradan əlavə edilən yeniliklər də bu səbəbdən bidət adlanır, çünki əvvəl həmin əməlin bənzəri dində olmamışdır.
Uca Allah buyurur: “Onun zövcəsi olmadığı halda, övladı necə ola bilər?” Yəni, Allahın necə övladı ola bilər ki, Onun heç zövcəsi yoxdur. Övlad yalnız bir-birinə uyğun, mütənasib olan iki şeydən törənər. Allaha isə yaratdıqlarından heç bir şey mütənasib və bənzər deyil, çünki O, hər şeyin yaradıcısıdır. Onun nə zövcəsi, nə də övladı var. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!”– dedilər. Siz olduqca pis bir iş tutdunuz! Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha Özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək” (“Məryəm”, 88-95).
Uca Allah: “Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir”– buyuraraq hər şeyi Özünün yaratdığını və hər şeyi Özünün ən yaxşı bildiyini açıqlayır. Allahın bənzəri olmadığı halda, yaratdıqlarından Ona uyğun zövcəsi və övladı necə ola bilər? Uca Allah bütün bunlardan çox ucadır.
 
əl-Ənam, 102-103
ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَا إِلَهَ إِلَّا هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ * لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
102. Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa, ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyin Hamisidir.
103. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır.

 
Uca Allah buyurur: “Budur sizin Rəbbiniz olan Allah!” Yəni, hər şeyi yaradan, nə övladı, nə də zövcəsi olan Allah. “Ondan başqa, ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin!” Yəni, heç nəyi şərik qoşmadan yalnız Ona ibadət edin. Onun təkliyini, Ondan başqa, ibadətə layiq haqq məbudun olmadığını, nə övladı, nə atası, nə zövcəsi, nə bənzəri, nə də tayı-bərabəri olmadığını təsdiq edin. “O, hər şeyin Hamisidir”, yəni hər şeyi qoruyan, hər şeyə nəzarət edən, bütün yaratdıqlarını idarə edən, onları ruziləndirən və gecə-gündüz müdafiə edən Odur.
Uca Allah buyurur: “Gözlər Onu dərk etmir”. Bu ayənin təfsiri barədə sələf alimlərinin bir çox rəyləri var. Rəylərdən biri belədir: Gözlər Onu Axirətdə görsə də, dünyada (görüb) dərk edə bilməz. Axirətdə möminlərin Allahı görəcəklərinə dair Peyğəmbərdən ﷺ bir çox yollarla çox sayda hədis rəvayət olunmuşdur və bu hədislər “Səhih”, “Musnəd” və “Sunən” əsərlərində yer almışdır. Necə ki Aişə (Allah ondan razı olsun) belə demişdir: “Kim iddia etsə ki, Muhəmməd ﷺ Rəbbini görmüşdür, o, yalançıdır. Çünki Uca Allah: “Gözlər Onu dərk etmir”– buyurur”. Hədisi İbn Əbu Hatim rəvayət etmişdir. Eyni hədis “Səhih” əsərində və digər kitablarda Aişədən (Allah ondan razı olsun) başqa şəkildə rəvayət olunur. (əl-Buxari, 2995, 3234; Muslim, 259, 457). İbn Abbas bu məsələdə Aişəyə (Allah onlardan razı olsun) muxalif olmuşdur. Ondan gələn rəvayətlərdən birində Peyğəmbərin ﷺ Allahı gördüyü, başqa bir rəvayətdə isə Peyğəmbərin ﷺ Rəbbini qəlbi ilə iki dəfə gördüyü qeyd olunur. Bu məsələ Allahın izni ilə “ən-Nəcm” surəsinin əvvəlində qeyd olunacaq.
Başqa bir qrup alimlər isə belə demişlər: “Gözlər Onu dərk etmir”, yəni gözlər Onu bütünlüklə dərk etmir. Möminlərin Axirətdə Allahı görəcəkləri barədə sabit olan hədislər bu ayəni xüsusiləşdirir. Mötəzilə əqidəsində olanlar isə bu ayənin mənasından başa düşdüklərinə əsaslanaraq Allahı görməyin nə dünyada, nə də Axirətdə mümkün olmadığını demişlər və bu məsələdə Əhli-Sünnə vəl-Camaat əqidəsinə müxalif olmuşlar. Əslində, onların nə Allahın Ktabından, nə də Elçisinin ﷺ hədislərindən məlumatları yoxdur. Allahın Kitabında buna dəlalət edən ayələr bunlardır: “O gün bir çox üzlər parlayacaq və öz Rəbbinə baxacaqdır” (“əl-Qiyamə”, 22-23). Həmçinin Uca Allah kafirlər barədə belə buyurur: “Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!” (“əl-Mutaffifin”, 15). İmam əş-Şafii demişdir:  “Bu ayə dəlalət edir ki, möminlərlə Uca Allah arasına pərdə çəkilməyəcək”.
Hədislərə gəlincə, Əbu Səid, Əbu Hureyra, Ənəs, Cərir, Suheyb, Bilal və bir çox səhabələrdən (Allah ondan razı olsun) çoxsaylı səhih yolarla rəvayət olunur ki, Peyğəmbər ﷺ möminlərin Axirət yurdunda Ərasatda (“Ərasat” sözünün lüğəvi mənası “boşluq ərazi” deməkdir. “Qiyamət günü Ərasat” dedikdə haqq-hesab üçün insanların toplaşacaqları boşluq ərazi – düzənlik nəzərdə tutulur) haqq-hesab üçün boşluq əraziyə tolanacaqları gün və Cənnət bağçalarında Allahı görəcəklərini demişdir. Uca Allah Öz neməti və səxavəti ilə bizləri də onlardan etsin! Əmin!
Bəzi alimlər demişlər: “Möminlərin Qiyamət günü Allahı görəcəklərini təsdiq etməklə ayədə gözlərin Onu dərk etməsinin inkar edilməsi arasında heç bir ziddiyyət yoxdur. Çünki dərk etmək görməkdən daha xüsusi məna ifadə edir. Xüsusi olanı inkar etmək isə heç də ümumi olanın inkarını tələb etmir”. Sonra alimlər ayədə inkar olunan dərk etməyin nə məna verdiyi barədə ixtilaf etmişlər. Bəziləri burada həqiqiliyin mahiyyətinin dərk edilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Möminlər (Qiyamət günü) Allahı görsələr də, bunun həqiqiliyini yalnız O Özü bilir. Necə ki Ayı görən şəxs onun həqiqiliyini, əsasını və mahiyyətini dərk etmir. Əzəmətli Allahı dərk etmək isə heç mümkün deyil. Ən uca sifətlər Ona məxsusdur.
Digər alimlər isə belə demişdir: “Dərk etmək dedikdə Onu ehtiva etmək nəzərdə tutulur. Bir şeyi ehtiva edə bilməmək onu görməmək anlamına gəlmir. Necə ki bir şeyi ətraflı bilməmək elmsiz olmaq anlamına gəlmir. Uca Allah buyurur: “Onların elmi isə Onu ehtiva edə bilməz!” (“Taha”, 110). Muslimin “Səhih” əsərində rəvayət edilən hədisdə Peyğəmbər ﷺ dualarının birində belə demişdir: “(Ey Rəbbim!) Səni layiq olduğun şəkildə tərifləməyə gücüm çatmaz. Sən Özünü təriflədiyin kimisən”. (Muslim (1/140 Bulaq nəşri) Əbu Hureyra və Aişədən (Allah ondan razı olsun) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 751, 1118). Allahı layiq olduğu şəkildə tərifləyə bilməmək Allahı tərifləməmək anlamına gəlmir. Ayədə də bu nəzərdə tutulur.
İbn Əbu Hatim rəvayət etmişdir ki, İkrimədən Uca Allahın “Gözlər Onu dərk etmir” ayəsi barədə soruşduqda o, belə cavab verdi: “Sən səmanı görmürsənmi?” Soruşan: “Bəli”, – deyə cavab verdikdə, İkrimə: “Hamısını görürsənmi?”– deyə soruşdu”. (İbn Əbu Hatim, 7737).
Bəzi alimlər bu ayənin təfsirində ət-Tirmizinin “Cami” əsərində, İbn Əbu Asimin “əs-Sunnə” kitabında, İbn Əbu Hatim və İbn Mərdəveyhin təfsirlərində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdikləri bu hədisi əsas götürmüşlər: İkrimə İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Muhəmməd Rəbbini görmüşdür”. Mən (İkrimə): “Uca Allah: “Gözlər Onu dərk etmir” buyurmurmu?”– deyə soruşduqda İbn Abbas belə cavab verdi: “Anan ölsün/* Bu ifadə sözgəlişi deyilən, dua kimi nəzərdə tutulmayan ifadələrdəndir)., bu, Onun nurudur. Uca Allah Öz nuru ilə göründükdə heç bir şey Onu dərk edə bilməz”. Başqa bir rəvayətdə: “Heç bir şey Ona çata bilməz”. əl-Hakim demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə, səhihdır, lakin onlar rəvayət etməmişlər”. (Hədisi bu mətnlə əl-Hakimin “əl-Mustədrək” əsərində tapa bilmədim. Hədisi ət-Tirmizi (4/189) İkrimədən, o da İbn Abbasdan (Allah ondan razı olsun) bu şəkildə rəvayət etmişdir: “Muhəmməd Rəbbini görmüşdür”. Mən dedim: “Məgər Uca Allah: “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir”– buyurmurmu?” İbn Abbas dedi: “ Vay sənin halına! Bu, Allahın Öz nuru ilə görünməsinə aiddir. Həqiqətən, Muhəmməd ﷺ Rəbbini iki dəfə görmüşdür”. ət-Tirmizi demişdir: “Bu, “həsən-ğarib” hədisdir”. (Əhməd Şakir). İbn Əbu Hatim, 7738; əl-Hakim, 3234; ət-Tirmizi, 3279, 3590. Hədis zəifdir. Bax: Ziləlul-Cənnə, 437).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət etdikləri hədis də bu mənadadır. Əbu Musa əl-Əşari Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Allah yatmır, yatmaq Ona yaraşmaz. O, ədalət tərəzisini alçaldır və yüksəldir. Gündüzün əməlindən öncə gecənin əməli, gecənin əməlindən öncə gündüzün əməli Onun yanına yüksəlir. (“Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir” (“Fatir”, 10); “Mələklər və Ruh Cəbrail Ona doğru sayı əlli min ilə bərabər olan bir gün ərzində qalxırlar” (“əl-Məaric”, 4). Onun hicabı nurdur (başqa rəvayətdə – “oddur”). Əgər onu açsaydı, Üzünün subuhatı (Lüğəvi mənada “subuhat” – “nur”, “əzəmət” və “gözəllik” mənalarını ifadə edir. (“Lisan əl-Arab”, 2/470; “ən-Nihayə”, 2/833; “əs-Sihah”, 2/395). “Subuhat” sözünün mənası bəlli olsa da, Allahın Üzünün subuhatının necəliyi Onun Özündən başqa heç kəsə məlum deyildir. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (“əş-Şura”, 11) Gözünün əhatə etdiyi bütün məxluqatını yandırıb-yaxardı”. (Muslim (1/64). Bu hədisi əl-Buxaridə tapa bilmədim. (Əhməd Şakir). Muslim, 253, 463). Ayədə Uca Allahın Onu dərk etməyi inkar etməsi Qiyamət günü Onu görməyi inkar etmək anlamına gəlmir. Uca Allah Qiyamət günü Öz mömin qullarına istədiyi kimi görünəcək. Allaha məxsus olan Uca, Pak və Nöqsansız Cəlala və Əzəmətə gəlincə isə, əlbəttə, Onu gözlər dərk edə bilməz. Bu səbəbdən möminlərin anası Aişə (Allah ondan razı olsun) Axirət yurdunda Allahı görməyin mümkün olduğunu, dünyada isə mümkün olmadığını bildirmişdir. Buna dəlili isə Uca Allahın “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir” ayəsidir. Onun inkar etdiyi isə Uca Allaha məxsus olan əzəmət və cəlalı görüb dərk etməkdir. Bu isə nə bəşər, nə mələklər, nə də başqa bir məxluq üçün mümkündür.
Uca Allah buyurur: “O isə gözləri dərk edir”, yəni onları ehtiva edir, mahiyyətini bilir, çünki onları yaradan Odur. Necə ki başqa bir ayədə belə buyurur: “Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?” (“əl-Mülk”, 14). Əbul-Aliyə Uca Allahın “Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda...” ayəsi barədə demişdir: “Yəni, hökm verməkdə Lətifdir (“əl-Lətif” sözü “lütfkar olan”, həmçinin “xəbərdar olan” deməkdir. əl-Lətif olan Allah gizli və incə işlərdən xəbərdardır. əl-Lətif olan Allah bəndələrinə qarşı geniş lütf və mərhəmət sahibidir. O, bəndələrinə gözləmədikləri yerdən xeyir qapılarını açır), (məxluqatın) olduqları məkandan xəbərdardır”. Ən doğrusunu isə Allah bilir. Loğmanın (ona salam olsun) öz oğluna nəsihəti də bu ayənin mənasına bənzəyir. Uca Allah buyurur: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa belə, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa belə, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır” (“Loğman”, 16).
 
əl-Ənam, 104-105
قَدْ جَاءَكُمْ بَصَائِرُ مِنْ رَبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ * وَكَذَلِكَ نُصَرِّفُ الْآيَاتِ وَلِيَقُولُوا دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ
104. De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm”.
105. Biz ayələri beləcə izah edirik ki, onlar: “Sən dərs almısan”– desinlər və Biz də Quranı bilən adamlara izah edək.

 
“Göz qabağında olan dəlillər” dedikdə Quranın ehtiva etdiyi və Allah Elçisinin ﷺ gətirdiyi dəlil və sübutlar nəzərdə tutulur. “Kim onları görsə, xeyri onun özünə, ...olar”. Bu, Uca Allahın bu ayəsinə bənzəyir: “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar” (“əl-İsra”, 15). “Kim kor olsa, zərəri onun öz əleyhinə olar”, Uca Allah açıq-aydın dəlilləri zikr etdikdən sonra: “Kim kor olsa, zərəri onun öz əleyhinə olar”– buyurur. Yəni, bunun günahı yalnız onun özünə qayıdır. Necə ki başqa bir ayədə belə buyurur: “Axı, əslində, gözlər deyil, kökslərdəki qəlb kor olur” (“əl-Həcc”, 46). “Mən sizin üstünüzdə gözətçi deyiləm”, yəni mən sizin üzərinizdə nəzarətçi deyiləm. Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Allah istədiyini doğru yola yönəldir, istədiyini də azdırır. “Biz ayələri beləcə izah edirik”, yəni bu surədə tövhidə, Allahdan başqa haqq məbudun olmadığına dair ayələri açıqladığımız kimi, eyni şəkildə cahillərin anlaması, müşriklərin və Allahın ayələrini yalan sayan kafirlərin: “Ey Muhəmməd, sən bunları səndən əvvəlki Kitab əhlinin kitablarından oxumusan və onlardan öyrənmisən”– demələri üçün bütün surələrin ayələrini beləcə açıqlayıb bəyan edirik.
Başqa ayələrdə Uca Allah onların yalançı və inadkar olduqlarını bildirərək buyurur: “Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyil. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər” (“əl-Furqan”, 4-5). Həmçinin onların başçılarından və yalan sayanlarından xəbər verərək buyurur: “Çünki o, fikirləşərək qərara gəldi. Ona ölüm olsun! Necə qərara gəldi?! Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?! Sonra o nəzər saldı. Üz-gözünü turşudub qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbür göstərdi və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyil! Bu, adi insan kəlamıdır!” (“əl-Muddəssir”, 18-25).
Uca Allah buyurur: “Biz də Quranı bilən adamlara izah edək”, yəni haqqı bilib ona tabe olan, batili bilib ondan çəkinən bir qövmə açıqlayaq. Bunları azdırıb, digərlərinə isə haqqı bəyan etməkdə Uca Allahın böyük hikməti var. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Halbuki Allah bununla bir çoxlarını sapdırır, bir çoxlarını da haqq yoluna yönəldir” (“əl-Bəqərə”, 26); “Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqə-tən, zalımlar uzaq bir ayrılıq içindədirlər. Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər” (“əl-Həcc”, 53); “Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır” (“əl-Muddəssir”, 31); “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (“əl-İsra”, 82); “De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac var. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar” (“Fussilət”, 44). Bu və buna bənzər ayələr Uca Allahın Quranı müttəqilərə doğru yol göstərən bir Kitab olaraq nazil etdiyinə, istədiyini onunla azdırdığına, istədiyini də hidayətə çatdırdığına dəlalət edir. Bu səbəbdən Uca Allah burada: “Biz ayələri beləcə izah edirik ki, onlar: “Sən dərs almısan”– desinlər və Biz də Quranı bilən adamlara izah edək”– buyurur.
Bəzi qiraətçilər ayədəki دَارَسْتَ [də:rastə] “dərs almısan” sözünü دَرَسْتَ [dərastə] şəklində oxumuşlar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “دَرَسْتَ [dərastə], yəni oxuyub öyrənmisən”. Mucahid, əs-Suddi, əd-Dahhək və başqaları da belə söyləmişlər. əl-Həsən bu ayəni دَرَسْتَ [dərastə] şəklində oxumuş və “köhnəlmisən”, “üzərindən uzun zaman keçib”, “itib getmisən” kimi təfsir etmişdir. Abdur-Razzəq rəvayət etmişdir ki, İbn əz-Zubeyr (Allah ondan razı olsun) bir dəfə Şöbəyə dedi: “Bəzi uşaqlar bu ayəni دَارَسْتَ [də:rastə] şəklində oxuyurlar. Halbuki ayə دَرَسْتَ [dərastə] şəklində olmalıdır”. Şöbə dedi: “Bizə Əbu İshaq əl-Həmədani rəvayət etmişdir ki, İbn Məsud ayəni دَرَسْتَ [dərastə] kimi oxumuşdur”.
 İbn Cərir demişdir: “Ayədə keçən دَرَسْتَ [dərastə] sözü “köhnəlmisən”, “itib getmisən” mənasındadır. Yəni, sənin bizə oxuduğun bu kəlamı biz çoxdan eşitmişik, onun üzərindən çox zaman keçib”. Səid ibn Əbu Arubə rəvayət etmişdir ki, Qatədə bu ayəni دَرَسْتَ [dərastə] şəklində oxumuş və “oxuyub öyrənmisən” kimi təfsir etmişdir. İbn Mərdəveyh Ubey ibn Kəbin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ mənə bu ayəni وَلِيقُولُوا دَرَسْتَ [və liyəqu:lu: dərastə] “Sən dərs almısan”– desinlər” şəklində oxutdurdu”. Hədisi əl-Hakim rəvayət etmiş və demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/238-239). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 2937).
 
əl-Ənam, 106-107
اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِنْ رَبِّكَ لَا إِلَهَ إِلَّا هُوَ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ * وَلَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكُوا وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
106. Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Müşriklərdən isə üz çevir.
107. Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə gözətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.

 
Uca Allah bu ayədə Öz Elçisinə ﷺ və onun yolu ilə gedənlərə əmr edərək belə buyurur: “Rəbbindən sənə vəhy olunana tabe ol!” Yəni, onun ardınca, onun yolu ilə get, ona əməl et. Həqiqətən, Rəbbindən sənə vəhy olunan, özündə heç bir şübhə doğurmayan haqdır, çünki Ondan başqa haqq məbud yoxdur. “Müşriklərdən isə üz çevir”, yəni Allah sənə yardım edib müşriklər üzərində qələbə və zəfər nəsib edənə qədər sən onları əfv et, təqsirlərindən keç və əziyyətlərinə səbir et. Bil ki, Allahın onları azdırmaqda böyük hikməti var. Əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi. “Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi” (“əl-Ənam”, 35).
“Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar”, yəni Allah Öz hikməti ilə istədiyini yaradır, istədiyini də peyğəmbər seçir. Allah gördüyü işlər barədə soruşulmaz, onlar isə sorğu-sual olunacaqlar.
Uca Allah buyurur: “Biz səni onların üstündə gözətçi qoymamışıq”, yəni səni onların əməllərinə və sözlərinə gözətçi təyin etməmişik. “Sən onları qoruyan da deyilsən”, yəni sən onların ruzilərinə və işlərinə cavabdeh də deyilsən, çünki sənin vəzifən ancaq təbliğ etməkdir. Başqa bir ayədə Uca Allah belə buyurur: “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən” (“əl-Ğaşiyə”, 21-22); “Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (“ər-Rəd”, 40).
 
əl-Ənam, 108
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ كَذَلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَى رَبِّهِمْ مَرْجِعُهُمْ فَيُنَبِّئُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
108. Müşriklərin Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə etdikləri barədə onlara xəbər verəcəkdir.

 
Uca Allah bu ayədə həm Peyğəmbərə ﷺ, həm də möminlərə müşriklərin ilahlarını söyməyi qadağan edir. Əslində, bunda fayda var, lakin bu əməl daha böyük bir fəsadın meydana gəlməsinə səbəb olur ki, bu da müşriklərin buna qarşılıq olaraq möminlərin İlahını söymələridir. Möminlərin İlahı isə Özündən başqa haqq məbud olmayan Allahdır. Necə ki İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Müşriklər: “Ey Muhəmməd, ya bizim ilahlarımızı söyməyə son qoyacaqsan, ya da biz sənin Rəbbini ələ salacağıq!”– dedilər. Bundan sonra Uca Allah bu ayəni nazil etməklə, möminlərə müşriklərin bütlərini söyməyi qadağan etdi. “Yoxsa onlar da elmsiz olaraq, düşməncəsinə Allahı söyərlər”. (İbn Əbu Hatim, 7760).
“Səhih” əsərində rəvayət olunan bu hədis də eyni qəbildən, yəni daha böyük bir fəsad baş verməsin deyə, hansısa bir mənfəəti tərk etmək qəbilindəndir. Hədisdə Peyğəmbər ﷺ demişdir: “Valideynlərini söyən lənətlənmişdir”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, insan öz valideynlərini necə söyə bilər?!” Peyğəmbər ﷺ buyurdu: “Bir nəfər başqa birisinin atasını söyər, o da qayıdıb onun atasını söyər, başqa birisinin anasını söyər, o da qayıdıb onun anasını söyər”. (əl-Buxari, 5516, 5973).
Uca Allah buyurur: “Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik”, yəni bu qövmə bütlərini sevməyi, onları qorumağı və onlara görə intiqam almağı gözəl göstərdiyimiz kimi, eyni şəkildə azğınlıq içində olan hər bir ümmətə etdikləri əməlləri gözəl göstərdik. Uca Allahın istədiklərində və seçdiklərində tutarlı dəlilləri və böyük hikməti vardır. “Sonra isə onların dönüşü öz Rəbbinə olacaq”, yəni Rəbblərinin hüzuruna qayıdacaqlar. “O da nə etdikləri barədə onlara xəbər verəcəkdir”, yəni əməllərinin qarşılığını verəcəkdir. Xeyir əməlin qarşılığı xeyir, pis əməlin qarşılığı isə pis olacaq.
 
əl-Ənam, 109-110
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَتْهُمْ آيَةٌ لَيُؤْمِنُنَّ بِهَا قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ * وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
109. Kafirlər Allahın adı ilə ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”
110. Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi, tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.

 
Uca Allah bu ayədə bildirir ki, müşriklər Allaha ürəkdən and içərək: “...əgər onlara bir ayə gəlsə”, yəni möcüzə gəlsə, “mütləq ona inanacaqlar”, yəni onu təsdiq edəcəklərini demişlər. Uca Allah onlara cavab olaraq buyurur: “De: “Ayələr ancaq Allahın yanındadır”, yəni, ey Muhəmməd, doğru yolu tapmaq üçün deyil, bəhanə axtarmaq, küfr və inadkarlıq səbəbindən səndən möcüzə istəyənlərə belə de: “Bu möcüzələr Allahdandır. İstəsə bu möcüzəni sizə göstərər, istəsə göstərməz”. İbn Cərir Muhəmməd ibn Kəb əl-Qurazidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Qureyş müşrikləri ilə danışdı. Onlar dedilər: “Ey Muhəmməd, sən bizə Musadan xəbər verirsən. Onun yanında bir əsa vardı. Onu daşa vurduqda daşdan on iki bulaq fışqırardı. Bizə İsadan xəbər verirsən. O, ölüləri dirildərdi. Bizə Səmuddan xəbər verirsən. Onların (möcüzə olaraq) bir dişi dəvəsi vardı. Səni təsdiqləməyimiz üçün bizə möcüzələr gətir!” Peyğəmbər ﷺ: “Sizə hansı möcüzəni gətirməyimi istəyərdiniz?”– deyə soruşdu. Onlar: “Səfa təpəsini bizim üçün qızıldan et”– dedilər. Peyğəmbər ﷺ soruşdu: “Əgər bunu etsəm, mənim peyğəmbər olduğumu təsdiqləyəcəksinizmi?” Onlar: “Bəli, Allaha and içirik ki, əgər bunu etsən, hamımız sənə tabe olacağıq!”– dedilər. Peyğəmbər ﷺ dua etməyə qalxdı. Cəbrail onun yanına gəlib dedi: “İstədiyin sənə veriləcək. İstəsən, Səfa dağı qızıla çevriləcək, lakin, əgər onlara bir möcüzə gəlsə və onlar onu təsdiqləməsələr, o zaman onlara əzab olunacaq. İstəsən, onlardan tövbə edəcək kəslər tövbə edənə qədər onlara möhlət verərəm”. Peyğəmbər ﷺ dedi: “Qoy onlardan tövbə edəcək kəslər tövbə etsin”. Uca Allah da: “Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, ...” ayəsindən “...Lakin onların çoxu bunu bilmir” ayəsinə qədər nazil etdi”. Bu hədis mursəl olsa da, bunu təsdiqləyən digər hədislər də var. (ət-Tabəri (13746). (Əhməd Şakir). ət-Tabəri, 13803; İbn İshaq “əs-Sira” 420; əl-Hakim, 174, 7601; Əhməd, 2058, 2166, 2203. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3388; Səhih Tərğib vət-Tərhib, 3142). Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Bizim möcüzələr göndərməyimizə mane olan səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələridir” (“əl-İsra”, 59).
Uca Allah buyurur: “Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?” (Qarilərdən İbn Kəsir və Əbu Amr ayəni إِنَّهَا إِذَا جَاءَت [innəhə izə cə:ət] şəklində oxumuşlar, yerdə qalan yeddi qari isə أَنَّهَا إِذَا جَاءَت [ənnəhə izə cə:ət] şəklində oxumuşlar. İbn Amir və Həmzə ayədə keçən يُؤْمِنُونَ [yu’minu:nə] “iman gətirməyəcəklər” feilini ikinci şəxsdə, yəni تُؤْمِنُونَ [tu’minu:nə] “iman gətirməyəcəksiniz” şəklində oxumuşlar. Bu qiraətə əsasən ayədə müşriklərə xitab olunur və məna belə olacaq: “Siz haradan biləsiniz ki, o ayələr gəldikdə yenə də iman gətirməyəcəksiniz?” Yerdə qalan yeddi qari isə feili üçüncü şəxsdə oxumuşlar). Bəzi alimlər bildirmişlər ki, ayədə “Siz haradan biləsiniz” dedikdə müşriklər nəzərdə tutulur. Mucahid də bu fikirdədir. Sanki Uca Allah müşriklərə “Siz içdiyiniz bu andlara sadiq olacağınızı haradan bilirsiniz?” demək istəmişdir. Ayədə möminlərin nəzərdə tutulduğu da deyilmişdir. Yəni, “Ey möminlər, siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”
Uca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər...”. İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə demişdir: ”Müşriklər Allahın nazil etdiyinə qarşı inadkarlıq göstərdiklərinə görə qəlbləri heç bir şeydə sabit qalmadı və heç bir işdən razı qalmadılar”. (İbn Əbu Hatim, 7771; ət-Tabəri, 13751, 13808). Mucahid isə bu ayəni belə açıqlamışdır: “Biz ilk dəfə imanın onlara çatmasına mane olduğumuz kimi, yenə də onlarla iman arasında maneə yaradarıq. Onlara nə möcüzə gəlirsə gəlsin, yenə də iman gətirməzlər”. İkrimə də belə demişdir. (İbn Əbu Hatim, 7772-7774; ət-Tabəri, 13753, 13810).
Rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah bu ayədə qulların deyəcəkləri sözləri onlar deməzdən əvvəl, eləcə də edəcəkləri əməlləri onlar etməzdən əvvəl xəbər vermişdir. Uca Allah buyurur: “Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz” (“Fatir”, 14); “Sonra kimsə deməsin: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!” Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!” Yaxud da, əzabı gördüyü zaman deməsin: “Kaş bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” (“əz-Zumər”, 56-58). Uca Allah bildirir ki, əgər onlar dünyaya geri qaytarılsalar, yenə doğru yolu seçməyəcəklər: “Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar” (“əl-Ənam”, 28). Uca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər...”, yəni, əgər onlar dünyaya geri qaytarılsalar, yenə onlarla doğru yol arasına bir maneə çəkilərdi. Necə ki ilk dəfə dünyada ikən onlarla iman arasına bir maneə çəkmişdik”. (ət-Tabəri (13754) İbn Abbasdan rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabəri, 13811, 30448).
Uca Allah buyurur: “...və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik”. İbn Abbas və əs-Suddi demişlər: “azğınlıqları içərisində”, yəni küfrləri içərisində”. Əbul-Aliyə və Qatədə isə demişlər: “Yəni, zəlalətləri içərisində”. əl-Aməş ayədəki “sərgərdan dolaşan” ifadəsini “əylənən” kimi təfsir etmişdir. İbn Abbas, Mucahid və başqaları isə demişlər: “Yəni, küfrləri içərisində tərəddüd edən vəziyyətdə tərk edərik”.
 
əl-Ənam, 111
وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَى وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ وَلَكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ
111. Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir.

 
Uca Allah bu ayədə buyurur ki, əgər Biz, Allahın adı ilə möhkəm and içərək “onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar” deyənlərin istəklərini qəbul edib onlara Allahdan gələn risalətin və peyğəmbərlərin doğruluğunu təsdiq edən mələklər endirsəydik, onlar yenə iman gətirməzdilər. Necə ki onlar mələklərin enməsini istəyərək belə demişlər: “...və ya Allahı və mələkləri qarşımıza gətirməyincə, ...biz sənə inanmayacağıq” (“əl-İsra”, 92); “Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə, iman gətirməyəcəyik!”– dedilər” (“əl-Ənam”, 124); “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbi-mizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər” (“əl-Furqan”, 21).
Uca Allah buyurur: “...ölülər də onlarla danışsaydı”, yəni ölülər onlarla danışıb peyğəmbərlərin gətirdiklərinin doğru olduğunu onlara xəbər versəydi, “və hər şeyi onların qarşısına toplasaydıq...”. Bəzi qarilər ayədə keçən قُبُلاً [qubulən] “qarşısına” sözünü “açıq-aydın”, “göz qabağında” mənasını verən قِبَلاً [qibələn] şəklində oxumuşlar. Bəziləri isə قُبُلاً [qubulən] şəklində oxumuşlar və bu sözün də “açıq-aydın”, “göz qabağında” mənasını verdiyini demişlər. İbn Abbas, Qatədə və Abdur-Rahmən ibn Zeyd ibn Əsləm də belə söyləmişlər. Mucahid قُبُلاً [qubulən] sözünün “toplum-toplum”, “dəstə-dəstə” mənasında olduğunu demişdir. Yəni, əgər bütün ümmətlər bir-bir onların qarşısına çıxarılsa və peyğəmbərin gətirdiklərinin doğru olduğunu onlara xəbər versə, “Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir”, yəni hidayət yalnız Allahdandır, onlardan asılı deyil. Uca Allah istədiyini doğru yola yönəldir, istədiyini də azdırır. O, istədiyini edəndir. Uca Allah elminə, hikmətinə, mütləq hökmranlığına və üstünlüyünə görə gördüyü işlər barədə soruşulmaz, onlar isə sorğu-sual olunacaqlar. Bu ayə, Uca Allahın digər ayəsinə bənzəyir: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə, iman gətirməzlər” (“Yunus”, 96-97).
 
əl-Ənam, 112-113
وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ * وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُمْ مُقْتَرِفُونَ
112. Beləcə, Biz hər peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlardan düşmənlər etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.
113. Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyil etsin, bundan razı qalsınlar və gördükləri pis işləri bir daha görsünlər.

 
Uca Allah buyurur: “Ey Muhəmməd, sənə qarşı çıxan və sənə ədavət bəsləyən düşmənlər etdiyimiz kimi, səndən əvvəlki peyğəmbərlərə də düşmənlər etmişdik. Bu səni kədərləndirməsin”. Uca Allah başqa ayələrdə belə buyurur: “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu” (Fatir, 184); “Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər” (“əl-Ənam”, 34); “Sənə ancaq səndən əvvəlki elçilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir” (“Fussilət”, 43); “Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər” (“əl-Furqan”, 31). Varaqa ibn Nofəl (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ belə demişdi: “Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kəs olmayıb ki, onunla düşmənçilik etməsinlər”. (əl-Buxari, 5).
Ayədə keçən “insanlar və cinlərdən olan şeytanlardan” ifadəsi “düşmənlər” sözünün təyinidir. Yəni, hər bir peyğəmbərin insan və cinlərdən olan şeytan düşmənləri olmuşdur. Şeytanlar hər tayfanın ən şər olanlarıdır və peyğəmbərlərə düşmənçilik edənlər də məhz onlardır. Allahın lənəti onların üzərinə olsun! Qatədə Uca Allahın “insanlar və cinlərdən olan şeytanlardan düşmənlər etdik” ayəsi barədə demişdir: “Cinlərdən də, insanlardan da şeytanlar var. Onlar bir-birinə təmtəraqlı sözlər təlqin edərlər”. Qatədə demişdir: “Mənə bildirilmişdir ki, bir gün Əbu Zərr namaz qılırdı. Peyğəmbər ﷺ: “Ey Əbu Zərr, insanlar və cinlərdən olan şeytanlardan Allaha sığın!”– dedi. Əbu Zərr soruşdu: “(Ey Allahın Elçisi) İnsanlardan da şeytanlar olurmu?” Peyğəmbər ﷺ: “Bəli”, – deyə cavab verdi”. (əl-Bəzzər, 4034). Bu hədisin isnadı Qatədə ilə Əbu Zərr (Allah ondan razı olsun) arasında kəsilmişdir. Hədis Əbu Zərdən bitişik isnadla da rəvayət edilmişdir.
İmam Əhməd Əbu Zərin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ məsciddə ikən onun yanına gəlib oturdum. Peyğəmbər ﷺ: “Ey Əbu Zərr, namaz qıldınmı?”– deyə soruşdu. Mən: “Xeyr”, – dedim. Peyğəmbər ﷺ dedi: “Qalx və namaz qıl!” Mən qalxıb namaz qıldım, sonra oturdum. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Zərr, insanlardan və cinlərdən olan şeytanların şərindən Allaha sığın!” Mən: “Ey Allahın Elçisi, insanlardan da şeytanlar var?”– deyə soruşdum. Peyğəmbər ﷺ: “Bəli”, – deyə cavab verdi”. Sonra Əbu Zərr hədisin davamını zikr etdi. Hədisi əl-Hafiz Əbu Bəkr İbn Mərdəveyh də rəvayət etmişdir. (Hədis tam şəkildə “əl-Bəqərə” surəsinin 255-ci ayəsinin təfsirində keçmişdir. Hədisin səhihliyi və mənbələri barədə orada danışmışıq. Həmçinin hədisin bəzi hissələri “İstiazə”nin və “əl-Bəqərə” surəsinin 14, 35 və 36-cı ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). Əhməd, 21552, 21592, 21885. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
İbn Əbu Hatim Əbu Umamədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Əbu Zərdən soruşdu: “Ey Əbu Zərr, cinlər və insanlardan olan şeytanlardan Allaha sığındınmı?” Əbu Zərr: “Ey Allahın Elçisi, insanlardan da şeytanlar varmı?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Bəli, insanlardan və cinlərdən olan şeytanlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edirlər”, – deyə cavab verdi”. (Bu, İmam Əhmədin (5/265-266 Hələbi nəşri) rəvayət etdiyi uzun hədisin bir hissəsidir. (Əhməd Şakir). Əhməd, 21546, 21586, 21879. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir). Bu, hədisin rəvayət olunduğu isnadlardır. Bu rəvayətlərin hamısı hədisin qüvvətli və səhih olduğuna dəlalət edir. Ən doğrusunu isə Allah bilir.
Hər bir halda, doğru olan budur ki, Əbu Zərin (Allah ondan razı olsun) hədisində bildirildiyi kimi, insanlardan da şeytanlar mövcuddur. Hər şeyin şeytanı onun azğın olanıdır. Muslimin “Səhih” əsərində Əbu Zərdən rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Qara it şeytandır”. (Hədis “İstiazə”nin və “əl-Maidə” surəsinin 4-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Muslim, 789, 1165). Hədisin mənası budur ki, – ən doğrusunu Allah bilir – itlərin içində qara it şeytandır.
Mucahid bu ayənin təfsirində demişdir: “Cinlərdən kafir olanlar şeytanlardır. Onlar insanlardan olan şeytanlara, yəni kafir insanlara aldatmaq məqsədilə təmtəraqlı sözlər təlqin edirlər”.
İbn Əbu Hatim İkrimənin belə dediyini rəvayət etmişdir: “Bir dəfə Muxtarın yanına gəldim. O, məni hörmətlə qarşıladı, hətta gecə qalmaq üçün yerlə də təmin etdi. Mənə: “İnsanların qarşısına çıx və onlarla söhbət et”, – dedi. Mən də insanların qarşısına çıxdım. Bir kişi gələrək: “Vəhy barədə nə deyə bilərsən?”– deyə soruşdu. Mən dedim: “Vəhy iki qisimdir. Uca Allah buyurur: “Biz bu Quranı sənə vəhy etməklə, sənə ən gözəl hekayəti danışırıq” (“Yusuf”, 3). Həmçinin buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlardan düşmənlər etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər”. Onlar mənim üstümə gəlib məni tutmaq istədilər. Mən: “Sizə nə olub? Mən sizin suallarınızı cavablandırıram, həm də sizin qonağınızam”, – dedim. Belə dedikdən sonra məni sərbəst buraxdılar”. İkrimə Muxtar ibn Əbu Ubeydənin (Allah onu Öz rəhmətindən uzaqlaşdırsın) yanına ona görə gəlmişdi ki, Muxtar özünə vəhy nazil olduğunu iddia edirdi. Muxtarın bacısı Safiyyə Abdullah ibn Ömərlə (Allah ondan razı olsun) evli idi və əməlisaleh qadınlardan biri idi. Abdullah ibn Ömər Muxtarın özünə vəhy nazil olduğunu iddia etməsi xəbərini aldıqda belə dedi: “O, doğru söyləyir, çünki Uca Allah buyurur: “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” (“əl-Ənam”, 121)”. (Bu xəbər İbn Əbu Hatimin rəvayəti ilə “İstiazə”nin və “əl-Maidə” surəsinin 4-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 7840; ət-Tabəri, 27044; ət-Tabərani “Mucəmul-Əvsat” 924).
Uca Allah buyurur: “Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər”, yəni onlar bir-birinə zahirən bəzədilmiş, gözəl ifadəli sözlər təlqin edirlər. Bu sözlərin həqiqi mənasını bilməyən avam insanlar onları eşitdikdə inanarlar.
Uca Allah buyurur: “Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər”, yəni hər peyğəmbər üçün insan və cin şeytanlardan olan düşmənlərin olması Allahın qəzavü-qədəri və istəyi ilədir.
Uca Allah buyurur: “Onları uydurduqları şeylərlə birlikdə tərk et”, yəni elə isə onları böhtanları ilə baş-başa burax, onların əziyyətlərinə əhəmiyyət vermə, sənə qarşı düşmənçiliklərini Allaha həvalə et. Həqiqətən, Allah sənə yetər və onlara qarşı sənə yardım edəcək.
Uca Allah buyurur: “Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyil etsin”, yəni qəlbləri, ağılları və qulaqları bu təmtəraqlı sözlərə meyil etsin. əs-Suddi demişdir: “Yəni kafirlərin ürəkləri”. Uca Allah buyurur: “...bundan razı qalsınlar”, yəni onu xoşlasınlar və istəsinlər. Bu sözləri yalnız Axirətə iman gətirməyənlər qəbul edər. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz. Ancaq Cəhənnəmə girəcək kimsədən başqa” (“əs-Saffat”, 161-163); “Sizin sözləriniz ziddiyyətlidir. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər” (“əz-Zariyat”, 8-9).
Uca Allah buyurur: “...və gördükləri pis işləri bir daha görsünlər”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni əldə edəcəklərini əldə etsinlər”. əs-Suddi və İbn Zeyd isə demişlər: “Yəni edəcəkləri əməlləri etsinlər”.
 
əl-Ənam, 114-115
أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنْزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِنْ رَبِّكَ بِالْحَقِّ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ * وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
114. De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.
115. Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir.

 
Uca Allah bu ayədə elçisi Muhəmmədə ﷺ müraciət edərək buyurur ki, Allaha şərik qoşanlara və Ondan başqasına ibadət edənlərə belə de: “Allah bu Kitabı sizə təfərrüatı ilə”, yəni açıq-aydın “nazil etdiyi halda, mən” sizinlə öz aramda “Ondan başqasınımı hakim qəbul etməliyəm? Kitab verdiklərimiz”, yəni yəhudi və xaçpərəstlər “bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir”, yəni özlərində əvvəlki peyğəmbərlərin sənə dair olan müjdələri olduğu üçün bilirlər ki, o, Rəbbin tərəfindən haqq olaraq nazil edilmişdir. “Odur ki, şübhə edənlərdən olma”. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma” (“Yunus”, 94). Bu, bir şərt budaq cümləsidir və şərt budaq cümləsində şərtin baş verməsi mütləq deyil. Bu səbəbdən rəvayət olunur ki, bu ayə nazil olduqda Peyğəmbər ﷺ: “Şübhə etmirəm və soruşmuram”, – demişdir. (Abdur-Razzəq, 10211).
Uca Allah buyurur: “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır”. Qatədə demişdir: “Yəni, Uca Allahın dedikləri doğruluq, hökm etdikləri də ədalət baxımından tamamlanmışdır”. Uca Allah bu ayədə buyurur ki, Onun verdiyi xəbərlər doğru, tələb etdikləri isə ədalətlidir. Onun xəbər verdiyi hər şey haqdır, onda heç bir şübhə yoxdur. Onun əmr etdiyi hər şey ədalətlidir, bu əmrdən daha ədalətli bir şey yoxdur. Onun qadağan etdiyi hər şey batildir, çünki Uca Allah, yalnız zərərli olan şeyləri qadağan edir. Necə ki bir ayədə belə buyurur: “O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər” (“əl-Əraf”, 157).
Uca Allah buyurur: “Heç kəs Onun kəlmələrini dəyişə bilməz”, yəni nə dünyada, nə də axirətdə Onun hökmünü ləğv edən olmaz. “O, Eşidəndir, Biləndir”, yəni qullarının sözlərini eşidən, hərəkətlərini və sükunətlərini biləndir. Hər kəsin əməlinin qarşılığını verəcək.
 
əl-Ənam, 116-117
وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ * إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَنْ يَضِلُّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
116. Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.
117. Həqiqətən, sənin Rəbbin Onun yolundan azanları daha yaxşı tanıyır. O, doğru yolda olanları da yaxşı tanıyır.
 

Uca Allah bu ayədə yer üzündə olan Adəm övladlarının əksəriyyətinin halının azğınlıq olduğunu xəbər verir. Necə ki başqa ayələrdə belə buyurur: “Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü” (“əs-Saffat”, 71); “Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyil” (“Yusuf”, 103). Onlar azğınlıq içərisindədirlər və öz hallarından xəbərsizdirlər. Onlar yalançı zənlər və batil təxminlər içindədirlər. “Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar”. Ayədə keçən الْخَرْصُ [əl-xars] sözü “təxmin etmək” mənasındadır. Ərəb dilində xurma ağacının üzərindəki xurmaların miqdarının təxmin edilməsi də [əl-xars] adlanır. Bütün bunlar Allahın qədəri və istəyi ilədir. “Həqiqətən, sənin Rəbbin Onun yolundan azanları daha yaxşı tanıyır” və onları azğınlığa salır. “O, doğru yolda olanları da yaxşı tanıyır” və onları doğru yola müvəffəq edir. Hər kəs nə üçün yaradılmışsa, ona uyğun əmələ yönəldilər.
 
əl-Ənam, 118-119
فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِنْ كُنْتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ * وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ
118. Əgər Allahın ayələrinə iman gətirmisinizsə, üstündə Onun adı çəkilmiş – “bismilləh” deyilib kəsilmiş heyvanlardan yeyin.
119. Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında yeyə biləcəyiniz şeylər istisna olmaqla, artıq O (Allah) sizə haram buyurduqlarını təfsilatı ilə bildirmişdir. Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün nəfslərinin istəklərinə uyub insanları doğru yoldan azdırarlar. Həqiqətən, sənin Rəbbin həddi aşanları daha yaxşı tanıyır!

 
Uca Allah bu ayədə mömin qullarına üzərində Allahın adı çəkilərək kəsilən heyvanların ətindən yeməyin mübah (halal) olduğunu bildirir. Bunun əksi olaraq, üzərində Allahın adı çəkilmədən kəsilən heyvanlarn əti halal deyil. Müşrik kafirlər isə leş heyvanları, bütlərə və başqa şeylərə kəsilən heyvanları yeməyi halal sayardılar. Sonra Uca Allah, üzərində Allahın adı çəkilən heyvanları yeməyə təşviq edərək: “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında yeyə biləcəyiniz şeylər istisna olmaqla, artıq O (Allah) sizə haram buyurduqlarını təfsilatı ilə bildirmişdir”– buyurur. Yəni, artıq Allah sizə haram buyurduqlarını açıqlamış və bildirmişdir. Bəzi qarilər ayədə keçən فَصَّلَ [fəssalə] “təfsilatı ilə bildirmişdir” feilini فَصَلَ [fəsalə] şəklində oxumuşlar. ([fəsalə] فَصَلَ qiraəti “şəzz” (digər qiraətlərə müxalif gələn istisna) qiraətdir. Bu qiraəti Atiyyə əl-Əufi nəql etmişdir və o, zəif ravidir. Bu qiraəti ət-Tabəri (12/70) Atiyyədən rəvayət etmiş və qəbul etməmişdir. Həmçinin bu qiraəti Əbu Həyyan “əl-Bəhr” (4/211) əsərində Atiyyədən rəvayət etmişdir. Bu qiraətə görə məna aydın olmur. ət-Tabəri, bu qiraətə görə, ayəni belə təfsir etmişdir: “Artıq Allahın haram etdikləri barədə hökm sizə gəlmişdir”. Bu ayənin üç məşhur qiraəti var:
1)            Nafi, Hafs, Əbu Cəfər və Yaqub ayədə keçən hər iki feili məlum növdə فَصَّلَ [fəssalə] “təfsilatı ilə bildirmişdir” və حَرَّمَ [hərramə] “haram buyurduqlarını” şəklində oxumuşlar.
2)            İbn Kəsir, Əbu Amr və İbn Amir isə hər iki feili məchul növdə فُصِّلَ [fussilə] “təfsilatı ilə bildirilmişdir” və حُرِّمَ [hurrimə] “haram buyurulanlar” şəklində oxumuşlar.
3)            Əbu Bəkr, Həmzə, əl-Kisəi və Xaləf isə birinci feili məlum növdə فَصَّلَ [fəssalə] “təfsilatı ilə bildirmişdir” şəklində, ikinci feili isə məchul növdə حُرِّمَ [hurrimə] “haram buyurulanları” şəklində oxumuşlar. Hər üç qiraətdə birinci feilin ikinci kök hərfi qoşadır. (Əhməd Şakir). Hər iki qiraətdə bu feil “bəyan etmək”, “açıqlamaq” mənasındadır.
Uca Allah buyurur: “Halbuki məcburiyyət qarşısında yeyə biləcəyiniz şeylər istisna olmaqla”, yəni yalnız zərurət halında tapdığınız haram şeylər (yeməklər) sizə halaldır. Sonra Uca Allah müşriklərin şəriəti bilmədikləri üçün leş ətini və üzərində Allahdan başqasının adı çəkilmiş heyvanları halal etməklə yanlış fikirlərə sahib olduqlarını bildirərək buyurur: “Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün nəfslərinin istəklərinə uyub insanları doğru yoldan azdırarlar. Həqiqətən, sənin Rəbbin həddi aşanları daha yaxşı tanıyır!”, yəni Allah onların həddi aşdıqlarını, yalan danışdıqlarını və iftira atdıqlarını ən yaxşı biləndir.
 
əl-Ənam, 120
وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ
120. Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.

 
Mucahid demişdir: “Günahın aşkarından da, gizlisindən də əl çəkin!” Yəni, gizlində də, aşkarda da Allaha asi olmaqdan çəkinin!” Mucahiddən nəql olunan başqa bir rəvayətdə belə deyilir: “Bu, insanın niyyət etdiyi və əməl etdiyi günahlardır”. Qatədə bu ayənin təfsirində demişdir: “Yəni günahın azını da, çoxunu da, gizlində ediləni də, aşkarda ediləni də tərk edin”. əs-Suddi demişdir: “Günahın aşkarı dedikdə zinakarlıqlarını büruzə verən qadınlarla edilən zina, günahın gizlisi dedikdə isə məşuqə, rəfiqə və yoldaşlarla edilən zina nəzərdə tutulur”. İkrimə isə demişdir: “Günahın aşkarı evlənməsi haram olan qadınlarla evlənməkdir”. Doğru olan budur ki, ayə bütün bu qeyd olunanları əhatə edir. Bu ayə Uca Allahın digər ayəsinə bənzəyir: “De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz (əxlaqsız, ədəbsiz, pozğun) əməlləri, ...haram buyurmuşdur” (“əl-Əraf”, 33). Bu səbəbdən burada: “Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar” buyurur. Yəni, günah əməl istər aşkarda olsun, istər gizlində olsun, Uca Allah mütləq bunlara görə cəzalandıracaq.
İbn Əbu Hatim ən-Nəvvas ibn Səmanın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbərdən ﷺ günahın nə olduğunu soruşdum. Peyğəmbər ﷺ belə cavab verdi: Günah, qəlbində tərəddüd və şübhə doğuran, insanların da bunu bilməyini istəmədiyin şeylərdir”. (Muslimin (2/277) rəvayət etdiyi hədisin bir hissəsidir. Həmçinin Əhməd (17708, 17709) rəvayət etmişdir. (Əhməd Şakir). Muslim, 4632, 6680).
 
əl-Ənam, 121
وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ
121. Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.

 
Bəzi alimlər bu ayəni dəlil gətirərək, heyvanı kəsən şəxs müsəlman olsa belə, üzərində Allahın adı çəkilmədən kəsilmiş heyvanların ətinin halal olmadığını demişlər. Alimlər (Allah onlara rəhmət etsin!) bu məsələdə ixtilaf etmiş və üç rəy bildirmişlər:
Birinci rəy: Bu şəkildə (Allahın adı çəkilmədən) kəsilən heyvanlar halal deyil. Fərq etməz, istər Allahın adı bilərəkdən çəkilməsin, istər səhvən. Bu rəy Abdullah ibn Ömər, onun azad etdiyi köləsi Nafi, əş-Şabi və İbn Sirindən rəvayət edilmişdir. Bu həmçinin İmam Malik və Əhməd ibn Hənbəldən də rəvayət edilmişdir. İmam Əhmədin keçmiş və müasir davamçılarından olan bir qrup alim bu rəyi dəstəkləmişlər. Həmçinin Əbu Səur və Davud əz-Zahiri də bu rəyi seçmişlər. Bu rəydə olanlar dəlil olaraq həm bu ayəyə, həm də Uca Allahın ov barədə: “Onların sizin üçün tutub gətirdiklərindən yeyin və onları ovun üzərinə göndərərkən Allahın adını çəkin” (“əl-Maidə”, 4) ayəsinə əsaslanmışlar. Həmçinin Uca Allahın ayənin davamında: “Çünki bu, günahdır” buyurması bunun haram olmasını daha da qüvvətləndirmişdir. Bəzi alimlər ayədəki “bu” əvəzliyinin yeməyə aid olduğunu, bəziləri isə Allahdan başqası üçün kəsməyə aid olduğunu demişlər. Bu rəydə olanlar əlavə olaraq, heyvan kəsərkən və ya ov edərkən Allahın adının çəkilməsini əmr edən hədislərə də əsaslanmışlar. Adiy ibn Hatim və Əbu Sələbədən (Allah onlardan razı olsun) rəvayət olunan hədislər bu qəbildəndir. Onların rəvayət etdikləri hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Əhliləşdirilmiş itini ovun üstünə göndərdiyin zaman Allahın adını çəkmisənsə (“bismilləh” demisənsə), itin sənin üçün ovladığı heyvanı yeyə bilərsən”. Adiy ibn Hatim və Əbu Sələbənin rəvayət etdikləri hədislər əl-Buxari və Muslimin “Səhih” əsərlərində yer almışdır. (Adiy ibn Hatimin hədisi əl-Buxari və Muslimin “Səhih” əsərlərində yer almışdır. Bu hədis tam mətni ilə “əl-Bəqərə” surəsinin 4-cü ayəsinin təfsirində keçmişdir. Əbu Sələbənin hədisinə gəlincə, hədis bu şəkildə deyil. Həmçinin hədis əl-Buxari və Muslimin “Səhih” əsərlərində yoxdur. Hədisi Əbu Davud (2852) rəvayət etmişdir. Bu hədis də “əl-Bəqərə” surəsinin 4-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 169, 175; Muslim, 3560, 5081). Bundan əlavə, əl-Buxari və Muslimin “Səhih” əsərlərində yer alan Rafi ibn Xadicin (Allah ondan razı olsun) hədisində Peyğəmbər ﷺ belə demişdir: “Heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz”. (Hədis “əl-Maidə” surəsinin 3-cü ayəsinin təfsirində keçmişdir. əl-Buxari, 2324, 2507; Muslim, 3638, 5204). Həmçinin İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ bir cinə belə demişdir: “Kəsilərkən üzərində Allahın adı çəkilmiş hər bir sümük sizin üçün halal yeməkdir”. Hədisi Muslim rəvayət etmişdir. (Muslim, 682, 1035). Cundub ibn Sufyan əl-Bəcəlidən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə isə Peyğəmbər ﷺ belə demişdir: “Kim bayram namazı qılmazdan əvvəl qurbanlıq heyvan kəsmişsə, qoy onun yerinə başqasını kəssin! Biz namazı qılana qədər kəsməyənlər isə qoy Allahın adı ilə kəssin!” (əl-Buxari, 932, 985, 6851, 7400).
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir dəfə bir dəstə adam Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Bəzi adamlar bizə ət gətirir və biz bilmirik, onlar heyvanı kəsərkən Allahın adını çəkmişlər, ya yox”. Peyğəmbər ﷺ buyurdu: “Siz Allahın adını çəkib (“bismilləh” deyib) yeyin!” Aişə dedi: “Onlar İslamı təzə qəbul etmiş adamlar idi”. Hədisi əl-Buxari rəvayət etmişdir. (əl-Buxari, 2057. Hədis “əl-Maidə” surəsinin 4-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir). Bu hədisdən aydın olur ki, Peyğəmbərin ﷺ yanına gələn adamlar heyvan kəsərkən üzərində Allahın adının çəkilməsinin vacib olduğunu anlamışlar və ət gətirənlər İslamda yeni olduqları üçün heyvan kəsərkən Allahın adını çəkməyəcəklərindən qorxurdular. Peyğəmbər ﷺ də ehtiyat üçün, əgər kəsilərkən Allahın adı çəkilməmiş olsa, bunun əvəzinə, yeyərkən Allahın adını çəkməyi əmr etmişdir. Həmçinin onlara müsləman hökmlərini tam olaraq tətbiq etməyi əmr etmişdir. Ən doğrusunu isə Allah bilir.
İkinci rəy: Heyvan kəsərkən üzərində Allahın adını çəkmək şərt deyil, əksinə, müstəhəbdir. Odur ki, bilərəkdən və ya unudularaq çəkilməsə, zərəri yoxdur. Bu, İmam əş-Şafii və onun bütün davamçılarının məzhəbidir. İmam Əhməddən də bu rəy rəvayət edilmişdir. Bunu ondan Hənbəl ibn İshaq nəql etmişdir. Həmçinin bu rəy İmam Malikdən də rəvayət edilir. Onun davamçılarından Əşhəb ibn Abdul-Əziz bunu qeyd etmişdir. İbn Abbas, Əbu Hureyra və Əta ibn Əbu Rabəhdən də bu rəy nəql edilmişdir. Ən doğrusunu Allah bilir.
İmam əş-Şafii Uca Allahın: “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır” ayəsini Allahdan başqasının adına kəsilmiş heyvanlara aid etmişdir. Necə ki Uca Allah başqa ayədə: “Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa...” (“əl-Ənam”, 145) – buyurur. Əta Uca Allahın: “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin” ayəsi barədə demişdir: “Uca Allah bu ayədə möminlərə Qureyş qəbiləsinin bütlərin adına kəsdikləri və atəşpərəstlərin kəsdikləri heyvanları yeməyi qadağan edir”. İmam əş-Şafiinin tutduğu bu yol qüvvətlidir. Bəzi alimlər ayədə “Çünki bu, günahdır” cümləsinin əvvəlində işlənən وَ [və] ədatının hal (tərzi-hərəkət zərfi) bildirdiyini deməklə, bu fikri qüvvətləndirmək istəmişlər. Bu zaman məna belə olur: “Murdar olduğu halda, üzərində Allahın adı çəkilməmiş heyvanları yeməyin. Allahdan başqasının adı çəkilmədiyi müddətcə bu, murdar deyil”. Sonra qəti şəkildə وَ [və] ədatının hal (tərzi-hərəkət zərfi) bildirdiyini irəli sürmüşlər və bu ədatın bağlayıcı olmasını icazəli görməmişlər, çünki belə olan təqdirdə nəqli cümlə tələb (qadağa) bildirən cümləyə bağlanmış olur. Lakin “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” cümləsinin əvvəlində işlənən وَ [və]  ədatı, şübhəsiz, bağlayıcı olduğuna görə, bu rəy özünü doğrultmur. Əgər hal (tərzi-hərəkət zərfi) bildirdiyi iddia edilən وَ [və] ədatı, həqiqətən, belədirsə, bu zaman sonrakı cümlənin ona bağlanması mümkün olmazdı. Yox, əgər bu son cümlə tələb (qadağa) bildirən əvvəlki cümləyə bağlanmışsa, onun irəli sürdüyü etiraz burada da etibarlı olacaq. “Çünki bu, günahdır” cümləsinin əvvəlində işlənən وَ [və] ədatı hal (tərzi-hərəkət zərfi) bildirmirsə, bu zaman bu fikri irəli sürənlərin sözü təməlindən batil olacaq. Ən doğrusunu Allah bilir.
Üçüncü rəy: Əgər kəsilən heyvanın üzərində Allahın adı unudularaq çəkilməzsə, bu, heyvanın halal olmasına təsir etməz. Əgər bilərəkdən tərk edilərsə, bu heyvanın ətindən yemək halal deyil. İmam Malik və Əhməd ibn Hənbəlin məşhur olan rəyləri budur. Əbu Hənifə və onun davamçıları, habelə İshaq ibn Rahaveyh də bu cür fətva vermişlər. Bu rəy Əli, İbn Abbas, Səid ibn əl-Museyyib, Əta, Tavus, əl-Həsən əl-Bəsri və digərlərindən nəql edilmişdir. İmam Əbul-Həsən əl-Mərğinani özünün “əl-Hidəyə” adlı əsərində əş-Şafiidən nəql etmişdir ki, üzərində Allahın adı bilərəkdən çəkilməyən heyvanın ətini yeməyin haram olması barədə əvvəlki alimlər arasında icma (yekdil rəy) olmuşdur. Bu səbəbdən Əbu Yusuf və bəzi alimlər bildirmişlər ki, əgər hakim belə ətin (üzərində Allahın adı bilərəkdən çəkilməyən heyvanın ətinin) satışının icazəli olması barədə hökm çıxarsa belə, bu hökm alimlərin icmasına (yekdil rəyinə) müxalif olduğuna görə icra olunmamalıdır. Lakin İmam əl-Mərğinaninin bu sözü, həqiqətən, qəribədir, çünki az əvvəl qeyd etdiyimiz kimi, əş-Şafiidən əvvəlki alimlər arasında bu məsələdə fikir ayrılığı olmuşdur. Ən doğrusunu Allah bilir.
İbn Cərir demişdir: “Alimlər bu ayənin hökmünün nəsx olunub-olunmaması (hökmünün ləğv edilib-edilməməsi) barədə ixtilaf etmişlər. Bəzi alimlər bu ayədən heç bir hökmün nəsx edilmədiyini, orada xatırlanan və nəzərdə tutulan əmrlərin qüvvədə qaldığını bildirmişlər. Alimlərin əksəriyyətinin rəyi belədir. İkrimə və əl-Həsən əl-Bəsri demişlər: “Uca Allah: “Əgər Allahın ayələrinə iman gətirmişsinizsə, üstündə Onun adı çəkilmiş – “bismilləh” deyilib kəsilmiş heyvanlardan yeyin”; “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır”– buyurmuş, sonra bu hökmü ləğv edərək istisna etmiş və: “Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır” (“əl-Maidə”, 5) – buyurmuşdur”.
Sonra İbn Cərir demişdir: “Doğru olan budur ki, Kitab əhlinin yeməklərinin halal olması ilə üzərində Allahın adı çəkilməmiş kəsilən heyvanların ətinin haram edilməsi arasında bir ziddiyyət yoxdur”. İbn Cəririn bu sözü doğrudur. Sələf alimlərindən burada nəsx kəlməsini istifadə edənlər yalnız xüsusiləşdirməyi nəzərdə tutmuşlar. Ən doğrusunu Uca Allah bilir.
Uca Allah buyurur: “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər”. İbn Əbu Hatim Əbu İshaqdan rəvayət etmişdir ki, bir kişi İbn Ömərdən (Allah ondan razı olsun) soruşdu: “Həqiqətən, Muxtar özünə vəhy edildiyini iddia edir. Bəs sən nə deyərsən?” İbn Ömər: “Doğru söyləyir”, – dedi və Uca Allahın “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” ayəsini oxudu”. (İbn Əbu Hatim, 7840; ət-Tabəri, 27044).
İbn Əbu Hatim Əbu Zumeyldən rəvayət etmişdir ki, bir dəfə İbn Abbasın (Allah ondan razı olsun) yanında oturmuşdum. Muxtar ibn Əbu Ubeyd də həcc ziyarətini yerinə yetirmək üçün gəlmişdi. Bir kişi gəlib: “Ey İbn Abbas, Əbu İshaq iddia edir ki, bu gecə ona vəhy nazil olmuşdur. Bu barədə nə deyə bilərsən?”– deyə soruşdu. İbn Abbas: “Doğru söyləyir”, – deyə cavab verdi. Kişi İbn Abbasın bu cavabından xoşlanmadı. Mən dedim: “Necə?” İbn Abbas: “Doğru söyləyir”, – deyir?” İbn Abbas dedi: “Vəhy iki növdür: Allahın vəhyi və şeytanın vəhyi. Allahın vəhyi Muhəmmədə ﷺ nazil olardı. Şeytanın vəhyi isə şeytanın dostlarına nazil olur”. Sonra İbn Abbas Uca Allahın “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” ayəsini oxudu”. (Əbu Zumeylin İbn Abbasdan nəql etdiyi xəbəri ət-Tabərani (13832) rəvayət etmişdir. Muxtar ibn Əbu Ubeyd peyğəmbərlik iddia etmiş yalançı və abırsız bir şəxs olmuşdur. Hicri təqvimlə 67-ci ildə Musab ibn əz-Zubeyr tərəfindən öldürülmüşdür. (Əhməd Şakir). Daha əvvəl oxşar rəvayəti İkrimədən rəvayət etmişdik. (“əl-Ənam” surəsinin 113-114-cü ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 7841; ət-Tabəri, 13832, 13889).
Uca Allah buyurur: “...sizinlə mübahisə etmək üçün”. Əbu Davud İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə yəhudilər Peyğəmbərin ﷺ yanına gəlib onunla leş olmuş heyvanlar barədə mübahisə edərək dedilər: “Necə olur, özümüz öldürdüklərimizdən yeyirik, Allahın öldürdüklərindən (özü ölən leş ətindən) yemirik?” Uca Allah da “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” ayəsini nazil etdi. Hədisi İbn Cərir və əl-Bəzzər də rəvayət etmişlər. (ət-Tabəri (13825). Hədisin digər mənbələri orada qeyd olunub (12/585-586). (Əhməd Şakir). Əbu Davud, 2821. Hədis səhihdir, lakin “yəhudilər” sözü əvəzinə, “müşriklər” sözü keçir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 2819). Lakin bu rəvayət, üç cəhətdən şübhəlidir:
Birinci: Yəhudilər leş ətini halal görmədikləri üçün onların Peyğəmbərlə ﷺ bu barədə mübahisə etmələri mümkün deyil.
İkinci: Bu ayə “əl-Ənam” surəsindəndir, bu surə isə Məkkədə nazil olmuşdur.
Üçüncü: Bu hədisi ət-Tirmizi: “Bir qrup insan Peyğəmbərin ﷺ yanına gəlib...” şəklində rəvayət etmiş və hədisin “həsən-ğarib” olduğunu demişdir. Həmçinin hədis Səid ibn Cubeyrdən mursəl olaraq rəvayət edilmişdir.
ət-Tabərani İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın: “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin” ayəsi nazil olduqda, farslar Qureyşə belə bir xəbər göndərdilər: “Muhəmmədlə mübahisə edin və ona deyin: “Necə olur ki, sənin öz əlinlə, bıçaqla kəsdiyin halal olur, Allahın qızıl qılıncla kəsdiyi – leş ətini nəzərdə tuturlar – haram olur?” Bu səbəbdən: “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” ayəsi nazil oldu. Şeytanlar – farslar, onların dostları isə qureyşlilərdir”. (ət-Tabəraninin rəvayət etdiyi isnad səhihdir. Hədisi həmçinin ət-Tabəri (13805) eyni şəkildə rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 11449).
Əbu Davud rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” ayəsi barədə belə demişdir: “Müşriklər belə dedilər: “Onlar (müsəlmanlar): “Allahın kəsdiyini yeməyin, öz kəsdiyinizi isə yeyin!”– deyirlər. Uca Allah da onlara cavab olaraq: “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin...” ayəsini nazil etdi”. Hədisi İbn Məcə və İbn Əbu Hatim də rəvayət etmişlər. (Əbu Davud, 2820; ət-Tabəri, 13812, 13869. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən Əbu Davud, 2818). Hədisin isnadı səhihdir. Eyni hədisi İbn Cərir də müxtəlif yollarla İbn Abbasdan rəvayət etmişdir, lakin yəhudiləri qeyd etməmişdir. Doğru olan da budur. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız”, yəni Allahın əmrini, şəriətini qoyub, başqasının sözünə meyil etsəniz və onun sözünü Allahın əmrindən üstün tutsanız, şübhəsiz ki, şirk də elə budur. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Onlar Allahı qoyub, baş elm adamlarını və rahiblərini,.. tanrılar qəbul etdilər” (“ət-Tövbə”, 31). Bu ayənin təfsirində ət-Tirmizi Adiy ibn Hatimin (Allah ondan razı olsun) Peyğəmbərə ﷺ belə dediyini rəvayət etmişdir: “Ey Allahın Elçisi, onlar elm adamlarına və rahiblərə ibadət etmirlər axı?!” Peyğəmbər ﷺ dedi: “Əksinə, onlar (elm adamları və rahiblər) haramı onlar üçün halal etmiş, halalı da haram etmişlər, onlar da bu şeydə onlara tabe olmuşlar. Onlara ibadət etmələri də elə budur”. (ət-Tirmizi, 3095, 3378. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3293).
 
əl-Ənam, 122
أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا كَذَلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ
122. Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər, beləcə, gözəlləşdirildi.

 
Bu, Uca Allahın daha əvvəl (iman gətirməzdən əvvəl) ölü olan, yəni azğınlıq içində həlak olan, çaşqınlıq içində qalan mömin üçün çəkdiyi bir məsəldir. Uca Allah onun qəlbini imanla diriltmiş, ona hidayət vermiş və onu peyğəmbərlərə tabe olmağa müvəffəq etmişdir. (ət-Tirmizi, 2642, 2854; İbn Hibban, 6169; əl-Hakim, 83. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1076). “...özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs...”, burada doğru yolu necə tutacağı, bu yolda necə davranacağı özünə bildirilmiş şəxs nəzərdə tutulur. İbn Abbas demişdir: “Nur – Qurandır”. əs-Suddi isə nurun İslam olduğunu demişdir. Hər iki təfsir doğrudur.
Uca Allah buyurur: “...qaranlıqlar içində qalıb”, yəni çəhalət, nəfsi istəklər və müxtəlif azğınlıqlar içində qalıb “oradan çıxa bilməyən kəs kimi ola bilərmi?” Yəni, düşdüyü bu haldan bir çıxış yolu, xilas olacaq bir yer tapa bilməyən kəs kimi ola bilərmi? İmam Əhməd “əl-Musnəd” əsərində Peyğəmbərdən ﷺ rəvayət etmişdir ki, “Uca Allah məxluqatı zülmətdə yaratmış, sonra Öz nurundan onların üzərinə səpmişdir (yağdırmışdır). Allahın nuru kimin üzərinə düşmüşsə, o, doğru yola yönəlmiş, kimdən yan keçmişsə, doğru yoldan azmışdır”.  Uca Allah başqa ayələrdə belə buyurur: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarar. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətlərə salarlar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar” (“əl-Bəqərə”, 257); “Elə isə üzüstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?” (“əl-Mulk”, 22); “Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız?” (“Hud”, 24); “Kor ilə görən eyni deyil, zülmətlərlə nur da, kölgə ilə bürkü də eyni deyil. Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən. Sən ancaq qorxudub xəbərdar edənsən” (“Fatir”, 19-23). Bu mənada ayələr çoxdur. Bu surənin əvvəlində Uca Allah: “Həmd, ...zülmətləri və nuru var edən Allaha məxsusdur!” (“əl-Ənam”, 1) buyuraraq zülmətləri və nuru yaratdığını zikr etməsi ilə, bu ayədə nur ilə zülmətin məsəl çəkilməsi son dərəcə münasibdir. Bəzi alimlər bu məsəl ilə ayədə müəyyən iki kişinin nəzərdə tutulduğunu sanmışlar. Doğru olan budur ki, ayə ümumidir, hər bir mömin və kafir bu ayənin hökmünə daxildir.
Uca Allah buyurur: “Kafirlərə gördükləri işlər, beləcə, gözəlləşdirildi”, yəni kafirlərin düşdükləri cəhalət və azğınlıq onlara gözəl göstərildi. Bütün bunlar Uca Allahın qəzavü-qədəri və dərin hikməti ilədir. Ondan başqa ibadətə layiq haqq məbud yoxdur.
 
əl-Ənam, 123-124
وَكَذَلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا فِيهَا وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنْفُسِهِمْ وَمَا يَشْعُرُونَ * وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ
123. Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər məkrli işlər görsünlər. Halbuki onlar o məkrli işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər.
124. Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”, – dedilər. Allah kimə peyğəmbərlik verəcəyini daha yaxşı bilir. Günahkarlar qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər.

 
Uca Allah buyurur ki, ey Muhəmməd, sənin məmləkətində günahkarları küfrə, Allahın yolundan üz çevirməyə, sənə qarşı çıxmağa və sənə düşmən olmağa çağıran başçılar, rəhbərlər təyin etdiyimiz kimi, səndən əvvəlki peyğəmbərləri də bununla imtahana çəkmişik. Lakin sonda gözəl aqibət peyğəmbərlərin olmuşdur. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər” (“əl-Furqan”, 31); “Biz bir məmləkəti məhv etmək istədikdə, onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, o məmləkətin barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik” (“əl-İsra”, 16). Bir çox alimlər bu ayəni belə açıqlamışlar: “Biz onlara Allaha itaət etməyi əmr edərik. Onlar buna qarşı çıxdıqda, biz onları həlak edərik”. Bəzi alimlər isə ayəni belə açıqlamışlar: “Biz onların qədərlərinə günah işlər görməyi yazarıq”. Necə ki burada “...onlar orada mümkün qədər yaramaz işlər görsünlər” buyurulur. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “...oranın günahkarlarını başçılar təyin etdik” ayəsinin təfsirində belə demişdir: “Oranın şər insanlarına hakimiyyət, güc-qüvvət verdik, onlar isə asiliklər etdilər. Bunu etdikdə, biz də onları əzabla məhv etdik”. Mucahid və Qatədə demişlər: “Yəni, oranın ən adlı-sanlı insanlarını günahkarlar etdik”.
Mən deyirəm: “Bu, Uca Allahın bu ayələrinə bənzəyir: “Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcək”– dedilər” (“Səba”, 34-35); “Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər” (“əz-Zuxruf”, 23).
Ayədə “məkrli işlər görsünlər” dedikdə təmtəraqlı söz və gözəl görünən əməllərlə insanları azğınlığa çağırmaları nəzərdə tutulur. Necə ki Uca Allah Nuhun qövmündən xəbər verərək: “Onlar mənə qarşı böyük bir hiylə işlətdilər” (“Nuh”, 22) – buyurur. Başqa bir ayədə isə belə buyurur: “Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə inanacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin! Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”. Özlərini yüksək tutanlar da zəiflərə belə deyəcəklər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq?! Xeyr, siz özünüz günahkar idiniz”. Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar” (“Səba”, 31-33).
Uca Allah buyurur: “Halbuki onlar o məkrli işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər”, yəni halbuki onların bu hiylələrinin və azdırdıqları kəslərin günahı yalnız özlərinə qayıdacaq. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Onlar həm öz günah yüklərini, həm də onlarla yanaşı, neçə-neçə yükü də daşıyacaqlar” (“əl-Ənkəbut”, 13); “Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!” (“ən-Nəhl”, 25).
Uca Allah buyurur: “Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə, iman gətirməyəcəyik!”– dedilər”, yəni onlara bir ayə, bir dəlil gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə, iman gətirmə-yəcəyik!”– dedilər”, yəni “Allah tərəfindən göndərilən mələklər peyğəmbərlərə din gətirdikləri kimi, bizə də gətirməyincə, əsla iman gətirmərik!”– deyərlər. Bu ayə Uca Allahın bu ayəsinə bənzəyir: “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər” (“əl-Furqan”, 21).
Uca Allah buyurur: “Allah kimə peyğəmbərlik verəcəyini daha yaxşı bilir”, yəni Allah peyğəmbərlik üçün haranı seçəcəyini və buna insanlardan kimin layiq olduğunu ən yaxşı biləndir. Necə ki başqa bir ayədə belə buyurur: “Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilmədi?” Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir” (“əz-Zuxruf”, 31-32). Belə deməklə onlar bunu nəzərdə tuturdular: “Nə üçün bu Quran, “iki şəhərdən olan”, yəni onlara görə Məkkə və Taifdən olan hörmətli və adlı-sanlı bir adama nazil edilmədi”. Çünki onlar zülm, həsəd, inad və təkəbbürlük üzündən Allah Elçisinə ﷺ nifrət bəsləyirdilər. Necə ki Uca Allah başqa ayələrdə onlar barədə xəbər verərək buyurur: “Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər” (“əl-Ənbiya”, 36); “Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs?” (“əl-Furqan”, 41); “Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri, istehza etdiklərinin özü məhv etdi” (“əl-Ənam”, 10). Buna baxmayaraq onlar Peyğəmbərin ﷺ fəzilətini, şərəfini, əsil-nəcabətli olmasını, evinin və tərbiyə edilib boya-başa çatdığı yerin paklığını etiraf edirdilər. Hətta onlar Peyğəmbəri ﷺ vəhy nazil olmazdan əvvəl öz aralarında “əl-Əmin” (Etibarlı) deyə çağırırdılar. Rum imperatoru Herakl, kafirlərin o zamankı başçıları Əbu Sufyandan Peyğəmbər ﷺ barədə: “O sizin aranızda əsil-nəcabətlidirmi?”– deyə soruşduqda, Əbu Sufyan (Allah ondan razı olsun) onun hörmətli olduğunu etiraf edərək: “O, içimizdə əsil-nəcabətlidir”, – demişdi. Heraklın: “Bu dediklərini deməzdən əvvəl onu yalan danışmaqda ittiham edirdinizmi?” sualına isə Əbu Sufyan: “Xeyr”, – deyə cavab vermişdi. Bu hədis uzundur. (əl-Buxari, 7). Bu cavablara əsasən Rum imperatoru Peyğəmbərin ﷺ gözəl xüsusiyyətlərə sahib olması, dürüst olması, həqiqi peyğəmbər olması və gətirdiklərinin doğru olması qənaətinə gəlmişdi.
İmam Əhməd Vasilə ibn əl-Əsqadan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah İbrahimin nəslindən İsmaili, İsmailin oğullarından Kinənə qəbiləsini, Kinənə qəbiləsindən Qureyşi, Qureyşdən Haşim oğullarını, Haşim oğullarından isə məni seçmişdir (üstün etmişdir)”. Oxşar hədisi Muslim də rəvayət etmişdir. (Əhməd (17054); Muslim (2/203 Bulaq nəşri). (Əhməd Şakir). Muslim, 4221, 6077).
əl-Buxarinin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Mən Adəm oğullarının bir-birinin ardınca gələn ən xeyirli nəsilləri arasından peyğəmbər göndərildim və nəhayət, göndərildiyim bu nəsil arasında oldum”. (əl-Buxari, 3293, 3557).
İmam Əhməd Muttalib ibn Əbu Vədəadan rəvayət etmişdir ki, Abbas (Allah ondan razı olsun) belə demişdir: “İnsanların danışdıqları bəzi şeylər Peyğəmbərə ﷺ çatdı. O, minbərə çıxıb dedi: “(Ey insanlar!) Mən kiməm?” İnsanlar: “Sən Allahın Elçisisən!”– deyə cavab verdilər. Peyğəmbər ﷺ dedi: “Mən Muhəmməd ibn Abdullah ibn Abdul-Muttalibəm. Allah məxluqatı (cin və insanlar olmaqla) yaratmış və məni ən xeyirli məxluqatın (insanların) içində yaratmışdır. İnsanları da (ərəb və əcəm olmaqla) iki qismə bölmüş və məni ən xeyirli qisimdən etmişdir. Qəbilələri yaratmış və məni ən xeyirli qəbilədən etmişdir. Qəbilələri ailələrə bölmüş və məni ən xeyirli ailədən etmişdir. Odur ki, ailə və şəxsiyyət baxımından sizlərdən ən xeyirli olanı mənəm”. (Əhməd (1788). İsnadı səhihdir; ət-Tirmizi (4/292-293). (Əhməd Şakir). Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 3073). Peyğəmbər ﷺ doğru söyləmişdir. Aişədən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Cəbrail mənə dedi: “Yer üzünün hər yerini gəzib-dolaşdım, Muhəmməddən daha üstün bir insan tapa bilmədim. Yer üzünün hər yerini gəzib-dolaşdım, Bənu Haşim qəbiləsindən daha üstün bir qəbilə tapa bilmədim”. Hədisi əl-Hakim və əl-Beyhəqi rəvayət etmişlər. (İbn Kəsirin hədisi əl-Hakimə nisbət etməsi hədisin “əl-Mustədrək” əsərində olması fikrini oyadır. Lakin hədisi “əl-Mustədrək” əsərində tapa bilmədim. əs-Suyuti “əl-Camius-Sağir” əsərində hədisi əl-Hakimin “əl-Kunə” əsərinə və İbn Asakirə nisbət etmişdir. Hədisin isnadı bizdə olmadığı üçün hədisin dərəcəsini deyə bilmərəm. (Əhməd Şakir). əl-Beyhəqi “Dələilun-Nubuvvə” 1/176. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 4046).
İmam Əhməd Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Həqiqətən, Allah qulların qəlblərinə baxdı və Muhəmmədin ﷺ qəlbini qulların qəlblərinin ən xeyirlisi olduğunu görərək onu Özü üçün (Peyğəmbər) seçdi və dinini təbliğ etmək üçün göndərdi. Muhəmmədin ﷺ qəlbindən sonra digər qulların qəlblərinə baxdı və onun səhabələrinin qəlblərini qulların qəlblərinin ən xeyirlisi olduğunu gördü, onları Allahın dini uğrunda vuruşan Peyğəmbərinin ﷺ köməkçiləri etdi. Odur ki, müsəlmanların (Peyğəmbər və onun səhabələrinin) gözəl gördükləri şey, Allah qatında da gözəldir. Pis gördükləri isə, Allah qatında da pisdir”. (Əhməd (3600). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Hədis həsən məvqufdur (səhabənin sözüdür). Bax: Təxric Şərhut-Tahavi, səh. 530).
İbn Əbu Hatim Abdullah ibn Əbu Huseyndən rəvayət etmişdir ki, bir kişi İbn Abbası məscidin qapısından girərkən gördü və ona baxdıqda görünüşü onu heyran etdi. Kişi: “Bu kimdir?”– deyə soruşduqda, ona: “Peyğəmbərin ﷺ əmisi oğlu İbn Abbasdır”– dedilər. Kişi: “Allah kimə peyğəmbərlik verəcəyini daha yaxşı bilir”, – dedi. (İbn Əbu Hatim, 7869).
Uca Allah buyurur: “Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər”. Bu, Uca Allah tərəfindən şiddətli qorxutma və peyğəmbərlərinə tabe olmaqda, onların gətirdiklərinə boyun əyməkdə təkəbbürlük göstərənlərə şiddətli təhdiddir. Onlar Qiyamət günü Uca Allahın hüzurunda əbədi rəzil olacaqlar. Onlar təkəbbürlük göstərdikləri üçün Uca Allah onlara bu rəzaləti yaşadacaqdır. Necə ki başqa bir ayədə belə buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (“Ğafir”, 60).
Uca Allah buyurur: “Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər”. Hiylə, adətən, gizli və aram-aram işləndiyi üçün onlar etdikləri əməllərə uyğun bir cəza olaraq şiddətli əzab ilə qarşılıq görəcəklər. “Rəbbin heç kəsə haqsızlıq etməz!” (“əl-Kəhf”, 49). Necə ki bir ayədə Uca Allah: “Sirlərin sınaqdan keçiriləcəyi gün” (“ət-Tariq”, 9) – buyurur. Yəni bütün sirlər, gizlində olan şeylər və qəlblərdən keçənlər o gün aşkara çıxarılacaq. əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Qiyamət günü hər bir xain üçün onun arxa tərəfində bir bayraq sancılacaq (Xain tanınsın deyə, onun arxasında yerə bayraq sancılacaq). və deyiləcək: “Bu, xain filankəs ibn filankəsdir”. (ət-Tabəri, 13862, 13918). Bunun hikməti budur: “Xəyanət gizli və insanlardan xəbərsiz edildiyi üçün Qiyamət günü xainin etdiyi əmələ qarşılıq xəyanəti yazılı bir bayraq halına gələcəkdir”.
 
əl-Ənam, 125
فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ كَذَلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
125. Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.

 
Uca Allah buyurur: “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar”, yəni İslamı ona asanlaşdırar və onda İslama həvəs oyadar. Bu isə xeyrin əlamətidir. Necə ki başqa ayələrdə Uca Allah belə buyurur: “Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi?! Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar açıq-aydın azğınlıq içindədirlər” (“əz-Zumər”, 22); “Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da belələridir” (“əl-Hucurat”, 7).
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar” ayəsi barədə belə demişdir: “Tövhidi (Allahı ibadətdə təkləşdirməyi) qəbul etmək və Allaha iman gətirmək üçün onun köksünü açar”. Bir çox təfsir alimləri də belə demişlər və bu, açıq-aydındır.
Uca Allah buyurur: “...kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər”. Bəzi qarilər ayədə keçən ضَيِّقًا [dayyiqan] “daraldar” sözünü ضَيْقًا [dayqan] şəklində oxumuşlar. Hər iki forma ərəb dilində mövcuddur. Necə ki “asan” mənasını verən sözə həm هَيْنٌ [heynun], həm də هَيِّنٌ [heyyinun] deyilir. Lakin əksər qarilər bu sözü ضَيِّقًا [dayyiqan] şəklində oxumuşlar.
Bəzi qarilər ayədə keçən حَرَجًا [həracən] “sıxıntılı” sözünü حَرِجًا [həricən] şəklində oxumuşlar. Bu qiraətə görə söz “günahkar” mənasını vermiş olur. Bəziləri isə hər iki qiraətin eyni məna verdiyini demişlər. حَرَجًا [həracən] “sıxıntılı”, yəni hidayət üçün genişlənməyən, ona fayda verəcək imana nail olmayan, iman daxil olmayan qəlb deməkdir. Rəvayət olunur ki, bir dəfə Mudləc qəbiləsindən olan bir bədəvi ərəb Ömər ibn əl-Xattabdan الْحَرَجَةُ [əl-həracə] sözünün nə məna verdiyini soruşdu. Ömər dedi: “O, ağacların ortasında bitən elə bir ağacdır ki, ona nə mal-qara, nə vəhşi heyvan, nə də başqa bir şey çata bilmir. Münafiqin qəlbi də belədir. Ona heç bir xeyir yol tapmaz”. (ət-Tabəri, 13862, 13918). İbn Cureyc Uca Allahın “onun köksünü  ...daraldar və sıxıntılı edər” ayəsini belə təfsir etmişdir: “Allah onun qəlbini “Lə İləhə İləllah (Allahdan başqa haqq məbud yoxdur)” kəlməsindən məhrum edər. Qəlbinə bu kəlmə daxil olmaz və o, bu sıxıntının şiddətindən sanki göyə çıxar”. (ət-Tabəri, 13875). Əta əl-Xorasani Uca Allahın “...onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər” ayəsi barədə belə demişdir: “Yəni bu insanın məsəli, göyə qalxmağa gücü çatmayan insanın məsəlinə bənzəyir”. (İbn Əbu Hatim, 7882; ət-Tabəri, 13873, 13929). İbn Abbas (Allah ondan razı olsun) isə bu ayəni belə təfsir etmişdir: “Adəm övladının göyə çıxmağa gücü yetmədiyi kimi, tövhid və imanın da o şəxsin qəlbinə girməyə gücü yetməz. Yalnız Allah bunları onun qəlbinə sala bilər”. (İbn Əbu Hatim, 7881).
İbn Cərir demişdir: “Bu, Allahın qəlbini şiddətlə daraltdığı üçün iman daxil olmayan kafirin qəlbinə çəkilmiş bir məsəldir. Uca Allah bildirir ki, kafirin imanı qəbul etməkdən imtina etməsinin və qəlbinin darlığının məsəli, gücü çatmadığı üçün göyə çıxmaqdan imtina etməsinə bənzəyir. Çünki o, belə bir gücə və qüvvəyə sahib deyil”.
İbn Cərir Uca Allahın “Allah iman gətirməyənləri beləcə cəzalandırar” ayəsini belə təfsir etmişdir: “Uca Allah azdırmaq istədiyi kəsin qəlbini daraldıb sıxıntılı etdiyi kimi, Allaha və Onun Elçisinə ﷺ iman gətirməkdən imtina edənlərin üzərinə şeytanı hakim edər. Şeytan onu aldadıb Allahın yolundan yayındırar”. (ət-Tabəri, 13877, 13933). İbn Abbas (Allah ondan razı olsun) ayədə keçən الرِّجْسُ [ər-rics] sözünün şeytan olduğunu demişdir. Mucahid isə bu sözü “xeyirsiz hər bir şey” kimi təfsir etmişdir. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm bu sözü “əzab” mənasında açıqlamışdır.
 
əl-Ənam, 126-127
وَهَذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ * لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
126. Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik.
127. Onlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu hazırlanmışdır. Gördükləri yaxşı işlərə görə onların Himayəçisi Odur.

 
Uca Allah əvvəlki ayələrdə həm özləri Allahın yolundan azan, həm də insanları bu yoldan azdıranların tutduqları yolu zikr etdikdən sonra, bu ayələrdə Öz Elçisi ﷺ ilə göndərdiyi doğru yolun və haqq dinin şərəfli olduğuna işarə edərək: “Rəbbinin doğru yolu budur”– buyurur. Yəni ey Muhəmməd, Biz, Quranı vəhy etməklə sənə göndərdiyimiz bu din Allahın doğru yoludur. Necə ki Quranın vəsfinə dair rəvayət etdiyimiz hədisdə Əli (Allah ondan razı olsun) belə demişdir: “O (Quran), Allahın doğru yoludur. Allahın möhkəm ipidir. O, hikmətli bir zikrdir”. Hədisi tam şəkildə Əhməd və ət-Tirmizi rəvayət etmişlər. (ət-Tirmizi, 2906, 3153. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 2138).
Uca Allah buyurur: “Artıq Biz ayələri düşünən bir qövmə izah etdik”, yəni Allah və Elçisindən ﷺ gələnləri dərk edən anlayışlı və düşüncəli bir qövm üçün artıq ayələrimizi müfəssəl izah etmişik. “Onlar üçün Rəbbi yanında”, yəni Qiyamət günü “əmin-amanlıq yurdu”, yəni Cənnət “hazırlanmışdır”. Uca Allah burada, Cənnəti əmin-amanlıq yurdu olaraq vəsf etmişdir. Necə ki möminlər doğru yolu tutub peyğəmbərlərin ardınca getməklə, onların yoluna tabe olmaqla salamat qalmışlar, əyri yollardan xilas olaraq əmin-amanlıq yurduna çatmışlar. “Gördükləri yaxşı işlərə görə onların Himayəçisi Odur”, yəni etdikləri saleh əməllərin qarşılığı olaraq Allah onları qoruyar, onlara yardım edər, onları qüvvətləndirər, neməti və lütfü sayəsində onları Cənnətlə mükafatlandırar.
 
əl-Ənam, 128
 وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِنَ الْإِنْسِ وَقَالَ أَوْلِيَاؤُهُمْ مِنَ الْإِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
128. Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. Allah deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədiyi kəslərdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.

 
Uca Allah bu ayədə buyurur: Ey Muhəmməd, onlara xatırlat ki, “Allah onların hamısını”, yəni cinləri və dünyada ikən onlara ibadət edən, onlara sığınıb itaət edən, azdırmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin etdikləri insanlardan olan dostlarını “bir yerə toplayacağı gün deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”, yəni insanlardan çoxunu azdırdınız və yoldan çıxartdınız. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir, Mənə ibadət edin! Doğru yol budur. Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?!” (“Yasin”, 60-62). İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz” ayəsi barədə demişdir: “Yəni onlardan bir çoxunu azdırdınız”. Mucahid, əl-Həsən və Qatədə də belə demişlər.
Uca Allah buyurur: “Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq”, yəni cinlərin insanlardan olan dostları Uca Allahın bu sualına belə cavab verəcəklər. İbn Cureyc demişdir: “Cahiliyyət dövründə kimsə səfərdə ikən dincəlmək üçün bir yerdə məskunlaşmaq istədikdə belə deyərdi: “Bu vadinin böyüyünə sığınıram”. Onların bir-birlərindən faydalanmaları budur və Qiyamət günü buna görə özlərini təmizə çıxarmağa çalışacaqlar”. Cinlərin insanlardan faydalanmasına gəlincə, qeyd edilənə görə bu, insanların cinlərdən yardım istəməklə onları tərifləmələri və onlara təzim etmələridir. Beləcə cinlər: “Həm insanların, həm də cinlərin ağası olduq”, – deyib özlərini öyürlər”. (ət-Tabəri, 13890, 13946). əs-Suddi Uca Allahın “...və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik” ayəsində ölümün nəzərdə tutulduğunu demişdir. “Allah deyəcək: “Sizin qalacağınız yer Oddur”, yəni sizin və dostlarınızın qalacağı yer Oddur. “Allahın istədiyi kəslərdən başqa siz orada əbədi qalacaqsınız”. Bəzi alimlər ayədə Bərzəx (“Bərzəx” sözünün lüğəvi mənası “maneə” deməkdir. Burada isə dünya həyatı ilə Axirət həyatı arasında olan həyat nəzərdə tutlur. İnsanlar əksər hallarda qəbirdə dəfn olunduqları üçün bu həyata, həmçinin “Qəbir həyatı” da deyilir). aləminin istisna edildiyini demişlər. Digər alimlər isə burada dünya həyatındakı müddətin istisna edildiyini demişlər. Bu məsələdə digər rəylər də irəli sürülmüşdür. Bu barədə daha ətraflı “Hud” surəsində: “Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar” (“Hud”, 107) ayəsinin təfsirində məlumat veriləcək.
İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Sizin qalacağınız yer Oddur. Allahın istədiyi kəslərdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir” ayəsinin təfsirində belə demişdir: “Bu ayə dəlalət edir ki, heç kəsə Allahın əvəzinə hökm verərək: “Filankəs Cənnətlikdir” və ya “Filankəs Cəhənnəmlikdir”,– demək yaraşmaz”. (İbn Əbu Hatim, 7897; ət-Tabəri, 13891, 13948. Şeyx Muhəmməd Ğalib əl-Öməri (Allah onu qorusun) İbn Abbasın (Allah ondan razı olsun) bu sözünü şərh edərək demişdir: “İbn Abbas belə deməklə, bunu nəzərdə tutur: “Bu ayə dəlalət edir ki, Uca Allah istədiyini Cənnətə, istədiyini də Cəhənnəmə daxil edər. Uca Allah bu ayənin sonunda Özünün hikmət sahibi və hər şeydən xəbərdar olduğunu bildirir və O, Öz elmi və hikməti ilə kimin Cənnətə, kimin də Cəhənnəmə layiq olduğunu ən yaxşı biləndir. İbn Abbas (Allah ondan razı olsun) deyir ki, heç kim Allahın yerinə kimin Cənnətə, kimin isə Cəhənnəmə girəcəyinə hökm verə bilməz”).
 
əl-Ənam, 129
وَكَذَلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ
129. Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik.

 
Səid rəvayət etmişdir ki, Qatədə bu ayənin təfsirində belə demişdir: “Uca Allah insanlara əməllərinə uyğun dostlar seçir. Zamanından və məkanından asılı olmayaraq, mömin möminin, kafir isə kafirin dostudur. İman nə arzu etməklə, nə də iman libasına girməklə əldə edilmir”. Qatədənin bu sözünü İbn Cərir də seçmişdir. Həmçinin Qatədə bu ayənin təfsirində demişdir: “Uca Allah Cəhənnəmdə bəzi zalımları digərləri üzərində hakim edəcək. Onlar bir-birlərinə tabe olacaqlar”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm Uca Allahın “Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik” ayəsi barədə demişdir: “Yəni zalım cinlərlə, zalım insanları bir-birlərinə hakim təyin edərik”. Sonra Abdur-Rahmən bu ayəni oxudu: “Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayar və o da ona yoldaş olar” (“əz-Zuxruf”, 36) və dedi: “Zalım cinləri zalım insanlar üzərində hakim təyin edərik”. (ət-Tabəri, 13895, 13951).
Ayənin mənası belədir: “Ziyana uğramış bu insanların üzərinə onları azdıran cinləri hakim təyin etdiyimiz kimi, zalımları da eynilə bir-birlərinə hakim təyin edərik və bir qismini digərlərinin əli ilə həlak edərik. Zülm və azğınlıqlarının cəzası olaraq bir qismindən digərləri vasitəsilə intiqam alarıq”.
 
əl-Ənam, 130
يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا قَالُوا شَهِدْنَا عَلَى أَنْفُسِنَا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُوا عَلَى أَنْفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ
130. Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər.

 
Bu ayədə də Uca Allah Qiyamət günü cin və insanlardan olan kafirləri məzəmmət edəcəyini bildirir. O gün Uca Allah Özü hər şeyi daha yaxşı bildiyi halda onlardan soruşacaq: “Elçilər dini sizə çatdırdılarmı?” Bu, qarşı tərəfi etirafa vadar etmək məqsədilə verilən bir sualdır. Uca Allah buyurur: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən”, yəni sizin özünüzdən “ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Peyğəmbərlər yalnız insanlardan olur, cinlərdən peyğəmbərlər olmur. Mucahid, İbn Cureyc və bir çox alimlər bunu qeyd etmişlər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərlər Adəm oğullarından seçilir. Cinlərdən isə yalnız qövmlərini xəbərdar edənlər olur”. İbn Cərir rəvayət edir ki, əd-Dahhək ibn Muzəhim bu ayəyə əsaslanaraq, cinlərdən də peyğəmbərlər olduğunu iddia etmişdir. Lakin onun bu məsələdə bu ayəyə əsaslanması doğru deyil, çünki ayə açıq şəkildə buna dəlalət etmir, ehtimal olunur. Bu ayə – ən doğrusunu Allah bilir – Uca Allahın bu ayəsinə bənzəyir: “O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu”, yəni duzlu dənizlərlə şirin çayları “Onların arasında maneə var, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır” (“ər-Rahmən, 19-22). Məlumdur ki, mirvari və mərcan yalnız duzlu sudan çıxarılır, şirin sudan (çaylardan) deyil və bu aydındır. Həmd Allaha məxsusdur. İbn Cərir də eyni cavabı qeyd etmişdir.
Peyğəmbərlərin yalnız insanlardan olduğuna dəlil Uca Allahın bu sözləridir: “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Elçilərin bir qismi barəsində daha öncə sənə xəbər verdik, digərləri barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı. Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın” (“ən-Nisa”, 163-165). Uca Allah İbrahimdən (ona salam olsun) bəhs edərək buyurur: “Onun nəslinə peyğəmbərlik və Kitab bəxş etdik” (“əl-Ənkəbut”, 27). Uca Allah bu ayədə peyğəmbərliyi və Kitabı İbrahimdən sonra onun nəslinə məxsus etdiyini bildirir. İnsanlardan heç kim İbrahimdən əvvəl peyğəmbərliyin cinlərdə olmasını və İbrahimin göndərilməsilə peyğəmbərliyin cinlərdən qalxmasını deməmişdir. Uca Allah başqa ayələrdə belə buyurur: “Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar” (“əl-Furqan”, 20); “Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik” (“Yusuf”, 109). Məlumdur ki, bu xüsusda cinlər insanlara tabedir. Bu səbəbdən Uca Allah cinlər barədə belə buyurur: “Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: “Susun, qulaq asaq!”– dedilər. Quran oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar. Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik! Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!” Allahın dəvətçisini qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər” (“əl-Əhqaf”, 29-32). ət-Tirmizi və başqalarının rəvayət etdikləri bir hədisdə Peyğəmbər ﷺ cinlərə “ər-Rahmən” surəsini, o cümlədən, Uca Allahın “Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə, ancaq sizinlə məşğul olacağıq. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” (“ər-Rahmən”, 31-32) ayələrini oxumuşdur. (ət-Tirmizi (4/191-192) Cabirdən (Allah ondan razı olsun) rəvayət etmişdir. Cabir demişdir: “Bir dəfə Peyğəmbər ﷺ səhabələrin yanına gəlib onlara “ər-Rahmən” surəsini əvvəlindən sonuna kimi oxudu. Səhabələr surəni dinlədikdə susdular. Peyğəmbər ﷺ dedi: “Mən cinlərlə görüşdüyüm gecə bu surəni onlara oxudum. Onlar bu surəni dinlədikdə sizdən daha yaxşı qarşılıq verdilər. Mən hər dəfə Uca Allahın: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsini oxuduqda, onlar: “Ey Rəbbimiz! Sənin nemətlərindən heç bir şeyi yalan saymırıq, Sənə həmd olsun!”– deyə qarşılıq verirdilər”. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu bildirmişdir. Hədisi, həmçinin əl-Hakim (4/473) rəvayət etmiş və “əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”, – demişdir. əz-Zəhəbi onunla razılaşmışdır. (Əhməd Şakir). ət-Tirmizi, 3290, 3602. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2150).
Uca Allah bu ayədə isə belə buyurur: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Yəni, peyğəmbərlərin bizə Sənin dinini çatdırdıqlarını və bizi Səninlə qarşılaşacağımız günün mütləq baş verəcəyi barədə xəbərdar etdiklərini qəbul edirik.
Uca Allah buyurur: “Onları dünya həyatı aldatdı”, yəni dünyada yaxşı əməlləri tərk etdilər, dünya həyatının bər-bəzəyinə və nəfsi istəklərinə uyub peyğəmbərləri yalançı saymaqla, gətirdikləri möcüzələri inkar etməklə həlak oldular. Qiyamət günü “kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər”, yəni dünyada peyğəmbərlərin gətirdiklərini inkar etdiklərinə dair öz əleyhlərinə şahidlik etdilər.
 
əl-Ənam, 131-132
ذَلِكَ أَنْ لَمْ يَكُنْ رَبُّكَ مُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ * وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ
131. Bu ona görədir ki, sənin Rəbbin əhalisi qafil olan kəndləri zülmlərinə görə məhv etməz.
132. Hər kəsin etdiyi əməllərə görə dərəcələri var. Rəbbin onların etdiklərindən qafil deyil.

 
Uca Allah buyurur: “Bu ona görədir ki, sənin Rəbbin əhalisi qafil olan kəndləri zülmlərinə görə məhv etməz”, yəni Biz, peyğəmbərlər göndərib kitablar nazil etməklə insan və cinlərin üzərindən (Qiyamət günü Allahın hüzurunda) üzr diləmək haqqını qaldırdıq ki, Allahın dəvəti çatmayan heç kəsə haqsızcasına əzab verilməsin. Biz hər bir ümmətə peyğəmbərlər göndərməklə Qiyamət günü Allahın hüzurunda üzr diləmək haqqını onların üzərindən qaldırdıq. Odur ki peyğəmbərlər göndərməmiş heç kəsə əzab vermərik. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın” (“Fatir”, 24); “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik” (“ən-Nəhl”, 36); “Biz elçi göndərməmiş heç kəsə əzab vermərik” (“əl-İsra”, 15); “Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik” (“əl-Mulk”, 8-9). Bu mənada ayələr çoxdur. İmam Əbu Cəfər İbn Cərir demişdir: “Ayədə keçən بِظُلْمٍ [bizulmin] “zülmlərinə görə” sözü iki şəkildə başa düşülə bilər:
Birincisi: Bu, ona görədir ki, Rəbbin heç bir məmləkətin əhalisini onlar qafil ola-ola, Allaha şərik qoşmaq və buna bənzər zülmlərinə görə məhv etməz. Uca Allah buyurur ki, O, insanlara Allahın dəlillərini çatdıran, onları Allahın hüzuruna dönəcəkləri günün əzabından çəkindirən bir elçi göndərməmiş əzabını tezləşdirməz. “Bizə müjdələyən və qorxudan kimsə gəlmədi” (“əl-Maidə”, 19) deməsinlər deyə, onları qəflətən əzabla yaxalamaz.
İkinci: Uca Allah heç bir məmləkətin əhalisini peyğəmbərlər, möcüzələr və ibrətamiz hadisələrlə xəbərdar etmədən həlak edib onlara zülm etməz. Uca Allah qullarına əsla zülm etməz”.
Sonra İbn Cərir bu iki rəydən birincisinin daha üstün olduğunu bildirmişdir. Şəkk yoxdur ki, bu rəy daha qüvvətlidir. Ən doğrusunu isə Allah bilir.
İbn Cərir demişdir: “Uca Allah buyurur: “Hər kəsin etdiyi əməllərə görə dərəcələri var”, yəni Allaha itaət edən və ya asi olan hər kəsin əməlinə görə Uca Allah tərəfindən müəyyən edilmiş dərəcə və mərtəbələri var. Əgər əməli xeyir olarsa, aqibəti xeyir, əməli pis olarsa, aqibəti də pis olacaq”.
Mən deyirəm: “Ola bilsin, “Hər kəsin etdiyi əməllərə görə dərəcələri var” ayəsi cin və insanlardan kafir olanlara aiddir. Yəni hər birinin əməllərinə görə Cəhənnəmdə (aşağıya doğru) pillələri vardır. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!” (“əl-Əraf”, 38); “Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq” (“ən-Nəhl”, 88).
Uca Allah buyurur: “Rəbbin onların etdiklərindən qafil deyil”. İbn Cərir bu ayə barədə demişdir: “Yəni, ey Muhəmməd, onların bütün bu etdikləri sənin Rabbinin elmi ilədir. Onunla qarşılaşdıqda, Onun hüzuruna döndükdə etdikləri əməllərə uyğun olaraq onları cəzalandırmaq üçün Rəbbin onları sayar və Öz dərgahında saxlayar”.
 
əl-Ənam, 133-135
وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنْ بَعْدِكُمْ مَا يَشَاءُ كَمَا أَنْشَأَكُمْ مِنْ ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ * إِنَّ مَا تُوعَدُونَ لَآتٍ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ * قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
133. Rəbbin Zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün zürriyyətindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər.
134. Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz ondan yaxa qurtara bilməyəcəksiniz.
135. De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Axirət Yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.

 
Uca Allah buyurur: “Ey Muhəmməd, sənin “Rəbbin Zəngindir”, yəni heç bir şeydə yaratdıqlarına möhtac deyil. Əksinə, yaratdıqları hər şeydə Ona möhtacdırlar. Rəbbin “mərhəmət sahibidir”, yəni bununla belə O, yaratdıqlarına qarşı mərhəmətlidir. Necə ki başqa ayədə belə buyurur: “Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir” (“əl-Bəqərə”, 143).
“İstəsə, sizi məhv edər”, yəni, əgər Onun əmrinə qarşı çıxsanız istəsə, sizi məhv edər “və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər”, yəni sizin yerinizə Ona itaət edən başqa bir qövm gətirər. O, buna Qadirdir və bu, Onun üçün asandır. Əvvəlki qövmləri yer üzündən silib onların yerinə sonrakı nəsilləri gətirdiyi kimi, bunları da yer üzündən silib başqalarını onların yerinə gətirməyə qadirdir. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib yerinizə başqalarını gətirər. Allah buna qadirdir” (“ən-Nisa”, 133); “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyil” (“Fatir”, 15-17); “Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər” (“Muhəmməd”, 38). Muhəmməd ibn İshaq rəvayət etmişdir ki, Əbən ibn Osman Uca Allahın “sizi başqa bir qövmün zürriyyətindən yaratdığı kimi” ayəsi barədə belə demişdir: “Zürriyyət əsil deməkdir, zürriyyət nəsil deməkdir”. (İbn Əbu Hatim, 7906).
Uca Allah buyurur: “Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz ondan yaxa qurtara bilməyəcəksiniz”, yəni, ey Muhəmməd, onlara xəbər ver ki, onlara vəd olunan (Allahın hüzuruna) qayıdış mütləq baş verəcəkdir. “Siz ondan yaxa qurtara bilməyəcəksiniz”, yəni siz bu şeydə Allaha mane ola bilməzsiniz. Siz parça-parça olub toz-torpaq və sür-sümük halına düşsəniz belə, O sizi təkrar diriltməyə və Öz hüzuruna qaytarmağa qadirdir. O, buna qadirdir və heç nə bunun qarşısını ala bilməz.
Uca Allah buyurur: “De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm”. Bu ayə şiddətli təhdid və qorxutmadır. Yəni əgər siz doğru yolda olduğunuzu sanırsınızsa, o zaman öz yolunuza davam edin. Mən də öz yoluma davam edəcəyəm. Uca Allah başqa bir ayədə belə buyurur: “İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik. Gözləyin! Biz də gözləyirik” (“Hud”, 121-122).
İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: “Əlinizdən gələni edin”, yəni öz yolunuzda qalmağa davam edin, “Axirət Yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”, yəni Axirət yurdunun mənə, yoxsa sizə nəsib olacağını biləcəksiniz. Uca Allah Öz Peyğəmbərinə verdiyi vədini yerinə yetirmiş və ona ölkələrdə hökmranlıq vermişdir. Ona qarşı çıxan insanlar üzərində onu hakim etmişdir. Ona Məkkənin fəthini nəsib etmiş, qövmündən onu yalançı sayanlar və ona düşmənçilik edənlər üzərində qalib etmiş, onun gətirdiyi dini ərəb yarımadasının digər yerlərində də yaymışdır. Hətta Yəmən və Bəhreynə də gedib çatmışdır. Bütün bunlar Peyğəmbərin ﷺ sağlığında olmuşdur. Onun vəfatından sonra xəlifələrinin – Allah onlardan razı olsun – dövründə isə digər ölkələr və ərazilər də fəth edilmişdir. Uca Allah başqa ayələrdə belə buyurur: “Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” (“əl-Mucadilə”, 21); “Şübhəsiz ki, Biz Öz elçilərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət vermək üçün ayağa qalxacağı gün yardım edəcəyik. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları həm lənət, həm də pis yurd gözləyir” (“Ğafir”, 51-52); “Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar” (“əl-Ənbiya”, 105); “Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir” (“İbrahim”, 13-14); “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra əminliklə əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (“ən-Nur”, 55). Uca Allah bu ümmət üçün bunları etmişdir. Əvvəldə də, sonda da, gizlində də, aşkarda da həmd və şükür yalnız Allaha məxsusdur!
 
əl-Ənam, 136
وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَذَا لِشُرَكَائِنَا فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَائِهِمْ سَاءَ مَا يَحْكُمُونَ
136. Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”, – deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir!
 

Bu ayədə Uca Allah müşrikləri məzəmmət edir. Onlar bidət, küfr və şirk əməllər uyduraraq Allahın yaratdıqlarından Ona pay ayırmışlar. Halbuki, hər şeyin yaradıcısı Allahdır və O, müşriklərin Ona qoşduqları şəriklərdən uzaq və ucadır. Bu səbəbdən Uca Allah belə buyurur: “Onlar Allah üçün Onun yaratdığı əkindən”, yəni meyvədən və əkindən əldə olunan məhsullardan “və mal-qaradan pay ayırıb”, yəni bir hissə ayırıb “öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”– deyirlər”.
Uca Allah buyurur: “Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır”. İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Allahın düşmənləri əkindən məhsul əldə etdikdə və ya meyvə yığdıqda bundan bir pay Allaha, bir pay da bütlərə ayırardılar. Bütlər üçün ayırdıqları əkin, meyvə və ya başqa bir məhsuldan olan payı qoruyar və hesablayardılar. Allahın adına ayrılan paydan bir şey düşdükdə onu bütlər üçün ayırdıqları paya əlavə edərdilər. Bütlər üçün ayırdıqları su axıb Allah üçün ayırdıqları əkindən bir şeyi suvarardısa, bunu da bütlər üçün ayırdıqları paydan sayardılar. Allah üçün ayırdıqları əkin və ya meyvələrdən bir şey düşüb bütlər üçün ayırdıqları paya qarışardısa, “Bu, kasıbdır”, – deyib onu Allah üçün ayırdıqları paya qaytarmazdılar. Allah üçün ayırdıqları su axıb bütlər üçün ayrılan əkini suvarardısa, onu bütlər üçün saxlayardılar. Həmçinin “bəhira”, “saibə”, “vəsilə” və “ham” adlandırıb bütlərə nəzir etdikləri heyvanları (Müşriklərin “bəhira”, “saibə”, “vəsilə” və “ham” adlandırıb bütlərə nəzir etdikləri heyvanlar barədə ətraflı məlumat “əl-Maidə” surəsinin 103-cü ayəsinin təfsirində keçmişdir). Allah üçün özlərinə haram etdiklərini iddia edərdilər. Uca Allah da onlara cavab olaraq: “Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qara-dan pay ayırıb...”– buyurdu”. Mucahid, Qatədə, əs-Suddi və bir çoxları belə demişlər. (ət-Tabəri, 13901-13906, 13957-13962).
Uca Allah buyurur: “Onların verdikləri hökm necə də pisdir!” Yəni onların apardıqları bölgü necə də pisdir. Onlar lap əvvəldən bölgü aparmaqla səhv etmişlər, çünki Uca Allah hər şeyin Rəbbi, sahibi və yaradanıdır. Mülk Onundur, hər şey Onun ixtiyarındadır, Onun qüdrəti və istəyi altındadır. Ondan başqa ibadətə layiq məbud və Rəbb yoxdur.
Həmçinin öz iddialarına görə bölgü apardıqdan sonra bu bölgüyə düzgün əməl etməyib haqsızlıq etmişlər. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər” (“ən-Nəhl”, 57); “Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın kafirlik edir” (“əz-Zuxruf”, 15); “Məgər oğlanlar sizin, qızlar Allahındır? Onda bu, ədalətsiz bölgü olardı!” (“ən-Nəcm”, 21-22).
 
əl-Ənam, 137
وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
137. Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.

 
Uca Allah bu ayədə buyurur ki, şeytanlar müşriklərə Allahın yaratdığı əkindən və mal-qaradan Ona pay ayırmağı gözəl göstərdiyi kimi, yoxsulluq qorxusundan övladlarını öldürməyi və rüsvayçılıq qorxusundan qız uşaqlarını diri-diri basdırmağı da onlara gözəl göstərmişdir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni beləcə, müşriklərin Allaha şərik qoşduqları ortaqları onlara övladlarını öldürməyi gözəl göstərdilər”. Mucahid demişdir: “Şərikləri”, yəni onlara yoxsulluq qorxusundan övladlarını diri-diri basdırmağı əmr edən şeytanları”. əs-Suddi demişdir: “Şeytanlar onlara qız uşaqlarını öldürməyi əmr etmişlər”. Uca Allah buyurur: “həm onları məhv etsinlər”, yəni həlaka sürükləsinlər, “həm də dinlərinə qarmaqarışıqlıq salsınlar”, yəni onlar üçün dinlərini anlaşılmaz hala gətirsinlər. Qatədə və Abdur-Rahmən ibn Zeyd ibn Əsləm də belə demişlər. (ət-Tabəri, 13911-13913, 13967-13969). Bu, Uca Allahın bu ayələrinə bənzəyir: “Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!” (“ən-Nəhl”, 58-59); “Diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – hansı günaha görə öldürülmüşdür” (“ət-Təkvir”, 8-9). Həmçinin müşriklər yoxsul olduqları üçün və ya yoxsullaşmaqdan qorxduqları üçün uşaqlarını öldürürdülər. Uca Allah onlara qeyd olunan bu səbəblərə görə uşaqlarını öldürməyi  qadağan etmişdir, çünki bütün bunlar şeytanın qoyduğu qanunlar və şeytanın onlara xoş göstərdiyi əməllərdir.
Uca Allah buyurur: “Əgər Allah istəsəydi, onlar bunu etməzdilər”, yəni bütün bunlar Allahın istəyi və qədəri ilə baş verir. Bunda Allahın bir hikməti vardır. O, gördüyü işlər barədə soruşulmaz, onlar isə sorğu-sual olunacaqlar. “Elə isə onları uydurduqları ilə birlikdə tərk et”, yəni onlardan və etdikləri əməllərdən uzaqlaş. Uca Allah səninlə onlar arasında hökm verəcək.
 
əl-Ənam, 138
وَقَالُوا هَذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ
138. Onlar öz batil iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz”, – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.

 
İbn Abbas (Allah ondan razı olsun) ayədə keçən حِجْرٌ [hicr] sözünün “haramdır” mənasında olduğunu demişdir. Burada vəsilə və  müriklərin özlərinə haram etdikləri digər mal-qara (bütlərə nəzir edilən “bəhira”, “saibə” və “ham” kimi) nəzərdə tutulur. (“əl-Maidə” surəsi 103-cü ayənin təfsirinə bax). Mucahid, Qatədə və başqaları da belə demişlər. əs-Suddi demişdir: “Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz”, yəni bizim istədiklərimizdən başqalarının yeməsi haramdır. Bu ayə, Uca Allahın indi qeyd etdiyimiz ayələrinə bənzəyir: “De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” (“Yunus”, 59); “Bəhira”, “saibə”, “vəsilə” və “ham” adlandırılıb bütlərə nəzir edilən heyvanlar barəsində Allah heç nə buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamırlar” (“əl-Maidə”, 103).
Mucahid demişdir: “Müşriklər dəvələrindən bəzilərinin üzərində heç bir halda Allahın adını çəkməzdilər, nə mindikdə, nə sağdıqda, nə yüklədikdə, nə bala verdikdə, nə də etdikləri başqa şeylərdə”. (ət-Tabəri, 13930, 13986).
Uca Allah buyurur: “Onlar bunu Allaha iftira ataraq edirlər”, yəni Allaha qarşı böhtan ataraq bunu yalandan Allahın dininə, şəriətinə isnad edirlər. Halbuki, Uca Allah nə bunu onlara icazə vermiş, nə də bu əməldən razı qalmışdır. “O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır”, yəni Allaha atdıqları iftiraya və Ona nisbət etdiklərinə görə onları cəzalandıracaqdır.
 
əl-Ənam, 139
وَقَالُوا مَا فِي بُطُونِ هَذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِذُكُورِنَا وَمُحَرَّمٌ عَلَى أَزْوَاجِنَا وَإِنْ يَكُنْ مَيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ سَيَجْزِيهِمْ وَصْفَهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
139. Onlar: “Bu mal-qaranın qarınlarındakı kişilərimizə halal, qadınlarımıza isə haramdır”, – deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir.

 
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Onlar: “Bu mal-qaranın qarınlarındakı kişilərimizə halal, qadınlarımıza isə haramdır”, – deyirlər” ayəsi barədə demişdir: “Onlar bununla südü nəzərdə tutmuşlar. Onu qadınlara haram edərdilər və yalnız kişilər içərdi. Qoyun erkək quzu doğduqda onu kəsərdilər və ətindən yalnız kişilər yeyərdi, qadınlar yeməzdi. Dişi doğduqda isə onu kəsməzdilər. Ölü bala doğduqda isə hamısı (həm kişilər, həm də qadınlar) onu yeməyə şərik olardı. Uca Allah da bunu qadağan etdi”. (ət-Tabəri, 13937, 13993). Mucahid Uca Allahın “Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır” ayəsi barədə demişdir: “Yəni bu barədə yalan danışdıqlarına görə onları cəzalandıracaqdır”. Mucahid bu ayəni, Uca Allahın bu ayəsinə bənzətmişdir: “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir” (“ən-Nəhl”, 116-117).
“Həqiqətən, O, hikmət sahibidir”, yəni etdiklərində, dediklərində, qoyduğu qanunlarda və yazdığı qəzavü-qədərdə hikmət sahibidir, “hər şeyi biləndir”, yəni qullarının etdikləri xeyir və şər əməlləri ən yaxşı biləndir. Onların əməllərinin qarşılığını tam şəkildə verəcəkdir.
 
əl-Ənam, 140
قَدْ خَسِرَ الَّذِينَ قَتَلُوا أَوْلَادَهُمْ سَفَهًا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُوا مَا رَزَقَهُمُ اللَّهُ افْتِرَاءً عَلَى اللَّهِ قَدْ ضَلُّوا وَمَا كَانُوا مُهْتَدِينَ
140. Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər.

 
Uca Allah bu ayədə buyurur ki, belə edənlər həm dünyada, həm də Axirətdə ziyana uğramışlar. Dünyada uşaqlarını öldürməklə, mallarını onlara verməyib onlara dara salmaqla, bəzi şeyləri uyduraraq özlərinə haram etməklə ziyana uğramışlar. Axirətdə isə Allaha qarşı yalan danışıb iftira atdıqlarına görə ən pis yerə (Cəhənnəmə) vasil olmaqla, ziyana uğramışlar. Necə ki Uca Allah bir ayədə belə buyurur: “De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”. Onlar bir müddət dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq” (“Yunus”, 69-70). İbn Mərdəveyh rəvayət etmişdir ki, İbn Abbas bu ayənin təfsirində belə demişdir: “Ərəblərin (cahiliyyə dövründə) necə savadsız olduqlarını bilmək istəyirsinizsə, “əl-Ənam” surəsinin yüz otuzuncu ayəsindən sonrakı ayəni oxuyun: “Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər”. Bu hədisi yalnız əl-Buxari rəvayət etmişdir. (Yəni Muslim rəvayət etməmişdir. Bax: əl-Buxari (6/104 Fəthul-Bari). (Əhməd Şakir). əl-Buxari, 3262, 3524).
 
əl-Ənam, 141-142
وَهُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُوا مِنْ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ * وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
141. Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.
142. Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.

 
Uca Allah bu ayələrdə hər şeyi, o cümlədən, müşriklərin səfeh düşüncələri ilə hissələrə və paylara ayıraraq bəzilərini haram, bəzilərini isə halal saydıqları əkinləri, meyvələri və heyvanları Özü yaratdığını bəyan edir. Uca Allah buyurur: “Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur”. Əta əl-Xorasani İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, ayədə “Talvar üzərində olan” dedikdə, talvar üzərində asılmış üzüm, “talvarsız” dedikdə isə asılmamış üzüm nəzərdə tutulur. əs-Suddi də eyni şərhi vermişdir. İbn Cureyc demişdir: “bir-birinə bənzəyən və bənzəməyən”, yəni görünüşcə biri-birinə bənzəyən, dadlarında isə biri-birinə bənzəmyən”. Muhəmməd ibn Kəb demişdir: “Bar verdiyi zaman onların meyvəsindən yeyin”, yəni təzə xurmasından və yaş üzümündən yeyin”.
Uca Allah buyurur: “...yığım günü zəkatını verin”. İbn Cərir bəzi alimlərdən nəql etmişdir ki, burada vacib olan zəkat nəzərdə tutulur. Həmçinin İbn Cərir Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Uca Allahın “...yığım günü zəkatını verin” ayəsində fərz olan zəkat nəzərdə tutulur. (ət-Tabəri (13963). Hədisin isnadı səhihdir. Hədisi Ənəsdən rəvayət edən Yəzid ibn Dirhəm Əbul-Əla əl-Əcmi mötəbər tabiindir. (Əhməd Şakir). ət-Tabəri, 14019). İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni ölçüldükdən sonra miqdarı bilindiyi gün fərz olan zəkatı verin”. Səid ibn əl-Museyyib də belə demişdir.
İmam Əhməd və Əbu Davud Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ qoparılan hər on vəsq (Vəsq ölçü vahididir. Bir vəsq altmış saa, bir saa isə təqribən üç kiloqramdır. Beləliklə, bir vəsq təqribən 180 kiloqrama bərabərdir) xurmadan bir salxımın məsciddə yoxsullar üçün asılmasını əmr etmişdir. Bu hədisin isnadı yaxşı və qüvvətlidir. (Əhməd (14924); Əbu Davud (1662). (Əhməd Şakir). Əbu Davud, 1664. Hədis səhihdir. Bax: Səhih Əbu Davud, 1465). Tavus, Əbuş-Şasə, Qatədə, əl-Həsən, ad-Dahhək və İbn Cureyc bunun zəkat olduğunu demişlər. əl-Həsən əl-Bəsri isə bunun dənli bitkilərdən və meyvələrdən verilən sədəqə olduğunu demişdir. Digər alimlər isə bunun zəkatdan əlavə bir haqq olduğunu demişlər. Mucahid demişdir: “Əkin yığımı əsnasında da bir ovuc, xurma yığımı əsnasında da bir ovuc verilir. Sonra yoxsulların xurma yığımından artıq qalanları toplamasına şərait yaradılır”. (ət-Tabəri, 14019, 14075). Səid ibn Cubeyr demişdir: “Bu, zəkat vacib olmazdan əvvəl idi. Məhsul yığımından yoxsullara bir ovuc (məhsul) və heyvanlarının yemi verilirdi”. (ət-Tabəri, 14017, 14073). Bəzi alimlər isə demişlər: “Yığım günü məhsuldan kasıblara vermək vacib idi. Sonra Allah bunu ləğv edərək (əkin yağış suyu ilə suvarılarsa) ondabiri və ya (sahibi tərəfindən suvarılarsa) ondabirin yarısını vacib etdi”. Bu rəyi İbn Cərir İbn Abbas, Muhəmməd ibn əl-Hənəfiyyə, İbrahim ən-Nəxai və başqalarından rəvayət etmişdir. İbn Cərir özü də bu rəyi seçmişdir. Mən deyirəm: “Bu hökmün ləğv olunduğunu demək şübhəlidir, çünki əslində bu, vacib olan şeylər idi. Sonra zəkat çıxarılacaq məhsulun miqdarı açıqlandı. Bunun hicrətin ikinci ilində olduğunu demişlər. Ən doğrusunu Allah bilir”.
Uca Allah Quranda meyvə dərib sədəqə verməyənləri pisləmişdir. Necə ki “əl-Qələm” surəsində bağ sahiblərini zikr edərək belə buyurur: “Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər). Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü. Bağ yanıb zülmət gecə kimi qapqara oldu. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!” Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər. Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik! Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!” Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin demədimmi?” Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!” Onlar dönüb bir-birlərini qınamağa başladılar və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq! Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!” (“əl-Qələm”, 17-33).
Uca Allah buyurur: “...lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir”. Bəzi alimlər demişlər: “Yəni verərkən həddi aşıb ehtiyac olandan artıq verməyin”. Əta demişdir: “İsraf etmək hər bir şeydə qadağan edilmişdir”. əs-Suddi bu ayə barədə belə demişdir: “Yəni mallarınızı verib özünüz kasıb qalmayın”. (ət-Tabəri, 14043, 14099). Səid ibn əl-Museyyib və Muhəmməd ibn Kəb demişlər: “Yəni sədəqə verməkdən imtina edib Allaha asi olmayın”. (ət-Tabəri, 14044, 14100).
Sonra İbn Cərir Ətanın “İsraf etmək hər bir şeydə qadağan edilmişdir” sözünü seçmişdir. Şübhəsiz ki, bu, daha səhih görüşdür. Lakin – ən doğrusunu Allah bilir – görünən budur ki, ayənin əvvəlində Uca Allah “Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin” buyurduğuna görə, burada israf etməmək yeməyə addir. Yəni, yeməkdə həddi aşmayın, çünki bunun həm ağla, həm də bədənə zərəri vardır. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir” (“əl-Əraf”, 31). əl-Buxarinin “Səhih” əsərində rəvayət edilən “muəllaq” bir hədisdə belə deyilir: “İsraf və təkəbbürlük etmədən yeyin, için, geyinin və sədəqə verin”. (əl-Buxari (10/215 Fəthul-Bari); Əhməd (6695). (Əhməd Şakir). əl-Buxari, Kitəbul-Libəs, 1-ci fəsil). Bu hədis ayənin dəlalət etdiyi mənadadır. Ən doğrusunu Allah bilir.
Uca Allah buyurur: “Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur”, yəni üstündə yük daşınan və daşınmayan heyvanları sizin üçün O yaratmışdır. Bəzi alimlər ayədə üstündə yük daşınan heyvanlar dedikdə, böyük dəvələr, daşınmayan heyvanlar dedikdə isə kiçik dəvələr nəzərdə tutulduğunu demişlər. Necə ki Abdullah (Allah ondan razı olsun) demişdir: “Üstündə yük daşınan”, yəni üstündə yük daşınan dəvələr, “yük daşınmayan”, yəni kiçik dəvələr”. Bu hədisi əl-Hakim rəvayət etmiş və demişdir: “Hədis səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (ət-Tabəri, 14047, 14103; əl-Hakim, 3235). İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur” ayəsi barədə belə demişdir: “Üstündə yük daşınan mal-qara dəvə, at, qatır, uzunqulaq və üzərinə yük yüklənən digər heyvanlardır. Üstündə yük daşınmayan mal-qara isə qoyunlardır”. (ət-Tabəri, 14058, 14114). İbn Cərir bu rəyi üstün saymış və demişdir: “Məncə üstündə yük daşınmayan mal-qara yerə yaxın olduqlarına görə فَرْشاً [fərşə] “döşəmə” adlanmışdır”. Abdur-Rahmən ibn Zeyd ibn Əsləm demişdir: “Üstündə yük daşınan mal-qara minik üçün istifadə etdiyiniz, yük daşınmayan mal-qara isə ətindən yediyiniz və südünü sağdığınız heyvanlardır. Qoyuna yük yüklənməz, onun ətini yeyirsiniz, yunundan döşək və örtüklər düzəldirsiniz”. (ət-Tabəri, 14065, 14121). Abdur-Rahmənin bu ayənin təfsiri barədə dedikləri gözəldir, onun dediklərini Uca Allahın bu ayələri təsdiqləyir: “Məgər onlar görmürlər ki, Biz onlar üçün sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?! Bu mal-qaranı onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər” (“Yasin”, 71-72); “Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik”, ta ki bu ayəyə qədər: “üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi” (“ən-Nəhl”, 66-80); “Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır. Sizin üçün onlarda başqa mənfəətlər də vardır. Siz onları minərək ürəyinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız. Allah sizə Öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!” (“Ğafir”, 79-81).
Uca Allah buyurur: “Allahın sizə verdiyi ruzilərdən yeyin”, yəni meyvələrdən, əkinlərdən və heyvanların ətindən yeyin. Bunların hamısını Uca Allah yaratmış və sizin üçün ruzi etmişdir. “Şeytanın izi ilə getməyin!” Yəni, Allaha iftira ataraq, Allahın onlar üçün ruzi olaraq yaratdığı meyvə və əkinləri özlərinə haram edərək şeytanın yollarına və əmrlərinə tabe olan müşriklər kimi siz də şeytanın yollarına və əmrlərinə tabe olmayın. “Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir”, yəni ey insanlar, həqiqətən, şeytan sizinlə açıq-aşkar düşmənçilik aparır. Uca Allah başqa ayələrdə belə buyurur: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən qəbul edin. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (“Fatir”, 6); “Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik” (“əl-Əraf”, 27); “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də yarıtmaz bir mübadilədir!” (“əl-Kəhf”, 50). Quranda bu mənada ayələr çoxdur.
 
əl-Ənam, 143-144
ثَمَانِيَةَ أَزْوَاجٍ مِنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنْثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنْثَيَيْنِ نَبِّئُونِي بِعِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ * وَمِنَ الْإِبِلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنْثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنْثَيَيْنِ أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ وَصَّاكُمُ اللَّهُ بِهَذَا فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
143. Allah, o heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cüt yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb bu haqda mənə xəbər verin”.
144. Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.

 
Uca Allah bu ayələrdə İslamdan əvvəl ərəblərin cahilliklərini bəyan edir. Onlar, bəzi heyvanları haram sayar, onları paylara və növlərə ayırardılar. Bunlar “bəhirə”, “saibə”, “vəsilə” və “ham” adlandırılıb bütlərə nəzir edilən heyvanlar, habelə, əkin, meyvə və özlərindən uydurduqları digər növ bitkilərdir. Uca Allah əvvəlki ayələrdə talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, habelə, üstündə yük daşınan və yük daşınmayan mal-qaranı yaratdığını bəyan etdikdən sonra bu ayədə erkək və dişi mal-qaranı – qoyunu, keçini, inəyi və dəvəni yaratdığını bildirir. Uca Allah nə bunları, nə də bunların balalarını haram etməmişdir. Əksinə, bunların hamısı ətindən yemək, tərkinə minmək, yük daşımaq, südünü sağmaq və digər mənfəətlər əldə etmək məqsədilə Adəm övladları üçün yaradılmışdır. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “O sizdən ötrü (erkək və dişi olmaqla) səkkiz cüt heyvan endirdi (yaratdı)” (“əz-Zumər”, 6).
Uca Allahın “...yaxud iki dişinin qarnındakı balaları?” sözü, müşriklərin “Bu mal-qaranın qarınlarındakı kişilərimizə halal, qadınlarımıza isə haramdır” (“əl-Ənam”, 139) sözlərinə cavabdır. Uca Allah buyurur: “Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb bu haqda mənə xəbər verin”, yəni həqiqi biliyə əsaslanaraq mənə xəbər verin. Sizin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyiniz və haram olduğunu sandığınız heyvanları Uca Allah bizə necə haram etmişdir?
Uca Allah buyurur: “Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Yəni, onların Allaha iftira ataraq, bu heyvanları özlərinə haram etdiklərinə görə onlardan kinayə ilə soruş. “Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?” Əlbəttə, belə insandan daha zalım heç kim yoxdur. “Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz”. Bu ayənin hökmünə daxil olan ilk insan Amr ibn Luhey ibn Qaməadır, çünki ilk dəfə heyvanları “bəhirə”, “saibə” və “ham” adlandıraraq bütlərə nəzir edən, bununla da İbrahimin (ona salam olsun) dinini dəyişən o olmuşdur. Bu, “Səhih” əsərində rəvayət edilir. (“əl-Maidə” surəsinin 100–104-cü ayələrinin təfsirinə bax. (Əhməd Şakir).
 
əl-Ənam, 145
قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَحِيمٌ
145. De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs harama meyil etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

 
Uca Allah bu ayədə qulu və elçisi Muhəmmədə ﷺ əmr edərək belə buyurur: “De”, yəni Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlərə belə de: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Bəzi alimlər demişlər: “Yəni, bunlar istisna olmaqla, sizin haram etdiklərinizdən heç bir şeyin haram olduğunu görmürəm”. Bəzi alimlər isə ayənin mənasının “Bunlardan başqa heç bir heyvanı haram görmürəm” olduğunu demişlər. Bu təfsirə əsasən, daha sonra “əl-Maidə” surəsində və hədislərdə haram edilən heyvanlar bu ayənin dəlalət etdiyi mənanı nəsx (hökmünü ləğv) etmiş olur. Bəziləri bunu nəsx adlandırmışlar. Lakin son dövrün əksər alimləri buna nəsx deməmişlər, çünki bu, əsli mübah (halal) olan bir şeyin hökmünün qaldırılması qəbilindəndir. Ən doğrusunu Allah bilir.
İbn Abbas (Allah ondan razı olsun) ayədə keşən دَماً مَسْفُوحاً [dəmən məsfu:hən] “axar qan” sözünü heyvan kəsərkən axıdılan qan kimi təfsir etmişdir. İkrimə Uca Allahın: “axar qan” sözünün təfsirində demişdir: “Əgər bu ayə olmasaydı, insanlar yəhudilər kimi heyvanların damarlarında axan qana tamah salardılar”. Qatədə demişdir: “Uca Allah qanlardan axar qanı haram etmişdir. Ətə qarışan qana gəlincə, onu yeməkdə bir qəbahət yoxdur”. (İbn Əbu Hatim, 8013; ət-Tabəri, 14087, 14143). İbn Cərir rəvayət etmişdir ki, Aişə (Allah ondan razı olsun) yırtıcı heyvanların ətini və qabda olan qanı yeməkdə bir qəbahət görməz, dəlil olaraq isə bu ayəni (“əl-Ənam” surəsi 145-ci ayəni) oxuyardı. Bu hədis “səhih-ğarib”dir. (ət-Tabəri (14090). (Əhməd Şakir). ət-Tabəri, 14146).
əl-Humeydi Amr ibn Dinarın belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Cabir ibn Abdullahdan soruşdum: “Onlar, Allah Elçisinin ﷺ Xeybərin fəthi günü ev eşşəyinin ətini qadağan etdiyini iddia edirlər. Bu doğrudurmu?” Cabir belə cavab verdi: “Bunu Allah Elçisindən ﷺ əl-Həkəm ibn Amr rəvayət edirdi. Lakin “Elm dəryası”, yəni İbn Abbas bunu qəbul etməzdi və Uca Allahın: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” ayəsini oxuyardı”. Hədisi bu şəkildə əl-Buxari də rəvayət etmişdir. Həmçinin hədisi Əbu Davud da rəvayət etmişdir. Göründüyü kimi, hədis əl-Buxarinin “Səhih” əsərində olmasına baxmayaraq, onu əl-Hakim də rəvayət etmişdir. (əl-Buxari (9/564-565) müxtəsər olaraq rəvayət etmişdir. Lakin onun rəvayətində Cabir ibn Abdullah əvəzinə, Cabir ibn Zeyd qeyd olunub. Cabir ibn Zeyd əş-Şəsə tabiindir. əl-Hakimin “əl-Mustədrək” (2/317) əsərindəki rəvayəti eynilə İbn Kəsirin burada qeyd etdiyi əl-Humeydinin rəvayəti kimidir. Əbu Davudun (3808) rəvayətinə gəlincə, onun isnadında bilinməyən ravi var. Həmçinin onun rəvayətinin mətni əvvəl qeyd etdiyimiz iki rəvayətin mətnindən fərqlidir. Görünür bu, ravilərin səhvinə görədir. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 19243, 19484, 19939; əl-Humeydi “Musnəd” 40).
İbn Mərdəveyh və əl-Hakim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişlər: “Cahiliyyə dövründə insanlar bəzi şeyləri yeyər, bəzi şeyləri isə xoşlamadıqları üçün tərk edərdilər. Uca Allah onlara Öz Peyğəmbərini ﷺ göndərdi, Kitabını nazil etdi, halal və haram etdiklərini bildirdi. Allahın halal etdiyi halal, haram etdiyi isə haramdır. Hökmünü bildirmədiyi şeylər isə bağışlanmışdır”. Sonra İbn Abbas: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” ayəsini sonuna qədər oxudu”. Hədisin mətni İbn Mərdəveyhə aiddir. Hədisi Əbu Davud da rəvayət etmişdir. əl-Hakim hədisin isnadının səhih olduğunu, lakın əl-Buxari və Muslimin rəvayət etmədiyini demişdir. (əl-Hakim (4/115). Hədisin səhih olmasında əz-Zəhəbi onunla razılaşmışdır. Əbu Davud (3800); İbn Həzm “əl-İhkəm” əsəri (8/28). İbn Həzmin rəvayəti nisbətən müxtəsərdir və sonda ayəni qeyd etməmişdir. (Əhməd Şakir). Əbu Davud, 3802; əl-Hakim, 7113; İbn Əbu Hatim, 8000. Hədisin isnadı səhihdir. Bax: Ğayətul-Məram fi Təxricil-Əhədisil-Hələl vəl-Həram, 34).
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Səudə bint Zəməanın bir qoyunu öldü. O, ölmüş qoyunu nəzərdə tutaraq: “Ey Allahı Elçisi, bir qoyunum öldü”, – dedi. Peyğəmbər ﷺ: “Dərisini nə üçün götürmədiniz?”– deyə soruşdu. Səudə: “Leş olmuş bir qoyunun dərisini götürəkmi?”– deyə soruşdu. Peyğəmbər ﷺ ona dedi: “Həqiqətən, Uca Allah buyurur: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Siz onu yeməyəcəksiniz ki, sadəcə, dərisini aşılayıb istifadə edəcəksiniz”. Səudə bint Zəməa bir nəfəri göndərib o qoyunun dərisini soydurdu, onu aşıladı və ondan bir tuluq (su qabı) düzəltdi. Bu tuluq cırılana qədər Səudə ondan istifadə etdi”. (Əhməd, 3027; İbn Hibban, 1281. Hədisin isnadı səhihdir. Bax: Ğayətul-Məram fi Təxricil-Əhədisil-Hələl vəl-Həram, 29). Oxşar hədisi əl-Buxari və ən-Nəsəi də rəvayət etmişlər.
Səid ibn Mənsur İsa ibn Numeyr əl-Fəzəridən, o da atasından rəvayət etmişdir ki, İbn Ömərin (Allah ondan razı olsun) yanında ikən bir kişi ondan kirpi ətini yeməyin hökmünü soruşdu. İbn Ömər ona: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” ayəsini oxudu. Onun yanında olan yaşlı bir adam belə dedi: “Əbu Hureyranın belə dediyini eşitmişəm: “Peyğəmbərin ﷺ yanında kirpi ətini yeməkdən danışdıqda, o, belə dedi: “O, murdar heyvanlardan biridir”. İbn Ömər dedi: “Əgər Peyğəmbər ﷺ bunu demişsə, o zaman onun dediyi kimidir”. Hədisi Əbu Davud rəvayət etmişdir. (Əbu Davud (3799). Hədis zəifdir. Bax: Daif Sunən Əbu Davud, 814).
Uca Allah buyurur: “Hər kəs harama meyil etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz”, yəni hər kim harama meyil etmədən və həddi aşmadan bu ayədə haram edilənlərdən bir şeyi yeməyə məcbur olarsa, “Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”, yəni Allah onu bağışlayar, ona rəhm edər. Bu ayənin təfsiri daha əvvəl “əl-Bəqərə” surəsində keçmişdir. Odur ki, bununla kifayətlənirik. (“əl-Bəqərə” surəsinin 173-cü ayəsinin təfsirində keçmişdir. (Əhməd Şakir).
Bu ayənin gətirilməsində məqsəd öz səfeh düşüncələri ilə bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdikləri heyvanları və buna bənzər şeyləri özlərinə haram edən müşriklərin bu görüşlərini rədd etməkdir. Uca Allah bu ayədə Elçisinə ﷺ əmr edir ki, onlara Allahın ona vəhy edərək haram olduğunu bildirdiyi şeylər arasında bunları tapmadığını xəbər versin. Yalnız bu ayədə qeyd edilən leş, axar qan, donuz əti və Allahdan başqasının adına kəsilənlər haram edilmişdir. Bunlardan başqaları isə haram edilməmişdir. Onlar barədə hökm bildirilməmişdir. Elə isə bunların haram olduğunu necə iddia edə bilərsiniz? Uca Allah haram etmədiyi halda, siz bunları necə haram edirsiniz? Lakin ayədə qeyd olunanlardan başqa şeylərin də haram edilməsi inkar olunmur. Necə ki alimlərin məşhur rəylərinə görə ev eşşəyinin, yırtıcı heyvanların və caynaqlı quşların ətlərinin qadağan edildiyinə dair hədislər rəvayət edilmişdir.
 
əl-Ənam, 146
وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ذَلِكَ جَزَيْنَاهُمْ بِبَغْيِهِمْ وَإِنَّا لَصَادِقُونَ
146. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.

 
İbn Cərir bu ayənin təfsirində demişdir: “Uca Allah buyurur ki, biz yəhudilərə “dırnaqlı heyvanların hamısını haram etdik”. Dırnaqlı heyvanlar dedikdə dəvə, dəvəquşu, qaz və ördək kimi dırnaq araları ayrı olmayan ev heyvanları (mal-qara) və quşlar nəzərdə tutulur”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bunlar, dəvə və dəvəquşudur”. Mucahid də belə demişdir. (ət-Tabəri, 14091-14092, 14147-14148).
Uca Allah buyurur: “İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik”. əs-Suddi demişdir: “Piylərini” dedikdə, heyvanın içalatında olan nazik piy qatı və böyrək ətrafında olan yağlar nəzərdə tutulur. Yəhudilər: “Bunları İsrail (Yaqub) özünə haram etmişdir, biz də haram edirik”– deyərdilər”. İbn Zeyd də belə demişdir. Qatədə isə demişdir: “Bunlar, içalatda olan nazik piy qatı və sümüyün içində olmayan yağlardır”. (ət-Tabəri, 14104, 14162).
Uca Allah buyurur: “...bağırsaqlarına yapışan... yağlar istisna olmaqla”. İbn Cərir demişdir: “Ayədə keçən الْحَوَايَا [əl-həvə:yə] sözü حَاوِايَاءُ [hə:viyə:u] sözünün cəmidir. Mənası qarında toplanan və dairə şəklində bükülmüş bağırsaqlardır. Ayənin mənası belədir: “İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan yağlar istisna olmaqla, onların piylərini yəhudilərə haram buyurduq”. (ət-Tabəri, 14166).
Uca Allah buyurur: “...yaxud sümüklərə qarışan yağlar istisna olmaqla”, yəni sümüyə qarışan yağlar istisnadır, bu yağları onlara halal etdik. İbn Cureyc demişdir: “Omba hissəsində olan yağlar büzdüm sümüyünə qarışmışdır və bu halaldır. Ayaqlarda, böyürlərdə, başda və gözdə olanlar, habelə sümüyə qarışan hər şey halaldır”. Oxşar sözü əs-Suddi də demişdir.
Uca Allah buyurur: “Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır”, yəni onlara bu məhdudiyyəti zülm etdiklərinə və əmrlərimizə qarşı çıxdıqlarına görə bir cəza olaraq qoyduq. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə, daha öncə halal edilmiş gözəl nemətləri onlara haram etdik” (“ən-Nisa”, 160). 
Uca Allah buyurur: “Şübhəsiz ki, Biz doğru danışanlarıq”, yəni onları belə cəzalandırmaqla əlbəttə ki, ədalətli davranmışıq. İbn Cərir demişdir: “Yəni, ey Muhəmməd, bizim bunu onlara haram etdiyimizə dair sənə verdiyimiz xəbərdə əlbəttə ki, doğru danışanlarıq. Yoxsa onların düşündükləri kimi bunu İsrail (Yaqub) özünə haram etməmişdir”. (ət-Tabəri, 19640, 19726). Ən doğrusunu isə Allah bilir.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Ömər ibn əl-Xattaba Səmuranın sərxoşedici içki satmağı barədə xəbər çatdı. Ömər dedi: “Allah Səmuranı öldürsün! Məgər o, Peyğəmbərin ﷺ: “Allah Yəhudilərə lənət etsin, Allah onlara heyvanın piyindən istifadə etməyi haram buyurduqda, onlar onu əridib satdılar”– dediyini bilmirmi?” Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (Muslim, 2961, 4134).
Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Mən Məkkənin fəth edildiyi il Peyğəmbərin ﷺ Məkkədə ikən belə dediyini eşitdim: “Allah və Onun Elçisi şərabın, ölü heyvanın, donuzun və bütlərin satılmasını haram etmişdir”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, gəmilərin böyürlərinin və altının cilalanması, dərilərin yağlanması və evlərin işıqlandırılması üçün istifadə edilən ölü heyvanın piyi haqqında nə deyə bilərsən?” Peyğəmbər ﷺ: “Xeyr, bu haramdır!”– deyə cavab verdi, sonra bunu əlavə etdi: “Allah yəhudiləri məhv etsin! Allah onlara heyvanın piyindən istifadə etməyi haram buyurduqda, onlar onu əridib satdılar və pulunu yedilər”. (əl-Buxari, 2082, 2236). Bu hədisi altı “Sunən” əsərinin müəllifləri rəvayət etmişlər. (Altı “Sunən” əsərinin müəllifləri dedikdə əl-Buxari, Muslim, Əbu Davud, ət-Tirmizi, İbn Məcə və ən-Nəsəi nəzərdə tutulur. ət-Tirmizi, 1297; İbn Məcə, 2167).
Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Allah yəhudiləri məhv etsin! Onlara heyvanın piyindən istifadə etmək haram olundu, onlar isə onu əridib satdılar və pulunu yedilər”. Bu hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari, 2071, 2223).
İbn Mərdəveyh İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ İbrahim məqamının arxasında oturmuş halda, gözlərini göyə qaldıraraq üç dəfə: “Allah yəhudilərə lənət etsin!”– dedi, sonra əlavə edərək: “Həqiqətən, Allah onlara heyvanın piyindən istifadə etməyi haram etmişdi, onlar isə onu əridib satdılar və pulunu yedilər. Əgər Allah bir qövmə bir şeyi yeməyi haram etmişsə, demək ki ondan əldə edilən qazancı da haram etmişdir”, – dedi. (Hədisi əl-Buxari “ət-Tərix əl-Kəbir” əsərində İbn Mərdəveyhin (1/2/147) rəvayət etdiyi şəkildə, lakin müxtəsər olaraq rəvayət etmişdir. Hər ikisinin isnadı səhihdir. (Əhməd Şakir). Əbu Davud, 3490. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5107).
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Məscidül-Haramda üzü Hicrə/* Kəbənin yanında yerləşən yarımdairəvi, hündür olmayan divar). tərəf oturmuşdu. Bu əsnada göyə baxıb gülümsədi və dedi: “Allah yəhudilərə lənət etsin! Allah onlara heyvanın piyindən istifadə etməyi haram etmişdi, onlar isə onu əridib satdılar və pulunu yedilər. Əgər Allah bir qövmə bir şeyi yeməyi haram etmişsə, demək ki ondan əldə edilən qazancı da haram etmişdir”. Hədisi Əbu Davud da rəvayət etmişdir. (Əhməd (2221). İsnadı səhihdir. (Əhməd Şakir). Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir).
 
əl-Ənam, 147
فَإِنْ كَذَّبُوكَ فَقُلْ رَبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
147. Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”.

 
Uca Allah bu ayədə buyurur ki, ey Muhəmməd, əgər sənə qarşı çıxan müşriklər, yəhudilər və onların bənzərləri səni yalançı hesab etsələr, onlara belə de: “Rəbbiniz geniş mərhəmət sahibidir”. Bu ifadə, Peyğəmbərə ﷺ tabe olmaqla, Allahın geniş rəhmətini diləməyə təşviq edir. “Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz” cümləsi isə peyğəmbərlərin sonuncusu olan Allah Elçisinə ﷺ qarşı çıxmaqdan çəkindirir. Uca Allah Quranda bir çox ayələrdə ümidlə qorxunu yanaşı qeyd etmişdir. Necə ki bu surənin son ayəsində belə buyurur: “Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir” (“əl-Ənam”, 165); Həmçinin buyurur: “Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq tövbə edənləri bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir” (“ər-Rəd”, 6); “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmli-yəm. Əzabım isə ağrılı-acılı əzabdır” (“əl-Hicr”, 49-50); “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan Allahdan!” (“Ğafir”, 3); “Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir! Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!” (“əl-Buruc”, 12-14). Bu mənada ayələr çoxdur.
 
əl-Ənam, 148-150
سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّى ذَاقُوا بَأْسَنَا قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ * قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَالِغَةُ فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ * قُلْ هَلُمَّ شُهَدَاءَكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللَّهَ حَرَّمَ هَذَا فَإِنْ شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَهُمْ بِرَبِّهِمْ يَعْدِلُونَ
148. Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə, yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.
149. De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
150. De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə tay tuturlar.

 
Bu ayələrdə Uca Allah müşriklərin mübahisəsini və onların Allaha şərik qoşmaqda, bəzi şeyləri özlərinə haram etməkdə əsaslandıqları bir şübhəni qeyd edir. Onlar deyirlər ki, Allah onların şərik qoşduqlarını və bəzi şeyləri özlərinə haram etdiklərini bilir. O, bizə imanı ilham etməklə və ya bizimlə küfr arasında maneə yaratmaqla bunu dəyişməyə qadirdir, lakin dəyişməmişdir. Bu da dəlalət edir ki, bunların hamısı Allahın istəyi ilə baş verir və Allah bu əməllərə görə bizdən razıdır. Bu səbəbdən Uca Allah belə buyurur: “Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Uca Allah başqa ayələrdə belə buyurur: “Onlar dedilər: “Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” (“əz-Zuxruf”, 20). “ən-Nəhl” surəsindəki ayə də eyinilə buna bənzəyir: “Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” (“ən-Nəhl”, 35).
Uca Allah buyurur: “Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə, yalançı hesab etmişdilər”, yəni onlardan əvvəl azğınlığa düşənləri də bu şübhə azdırmışdır. Bu, əsassız və batil bir dəlildir, çünki əgər bu dəlil doğru olsaydı, Uca Allah onları həlak etməz, onlara hörmətli elçilərini göndərməz və müşriklərdən intiqam almaqla, onlara ağrılı əzabını daddırmazdı.
Uca Allah buyurur: “De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var?” Yəni, düşdüyünüz hala görə, Allahın sizdən razı olduğuna dair qarşımıza çıxaracağınız bir bilginiz varmı? “Siz ancaq zənnə qapılır”, yəni siz, ancaq xəyala dalırsınız. Burada  “zənn” dedikdə, batil inanclar nəzərdə tutulur. “...və ancaq yalan danışırsınız”, yəni Allaha qarşı irəli sürdüyünüz iddialarla Allahın adından yalan danışırsınız.
Uca Allah buyurur: “De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”. Uca Allah bu ayədə Öz Peyğəmbərinə ﷺ belə buyurur: “Ey Muhəmməd, onlara de ki, “Tutarlı dəlillər Allaha məxsusdur”, yəni kimisini doğru yola yönəltməkdə, kimisini də azdırmaqda Allahın böyük hikməti və tutarlı dəlilləri vardır. “Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”, yəni bunların hamısı Allahın qüdrəti, istəyi və seçimi ilədir. Bununla belə, O, iman gətirənlərdən razı qalır, kafirləri isə sevmir. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi” (“əl-Ənam”, 35); “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi” (“Yunus”, 99); “Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək” (“Hud”, 118-119). əd-Dahhək demişdir: “Allaha asi olan insanın heç bir dəlili yoxdur. Qullarına qarşı ən tutarlı dəlil isə Allahındır”.
Uca Allah buyurur: “De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”, yəni haram saydıqlarınızı Allah haram etmişdir deyə, şəhadət verəcək şahidlərinizi gətirin! Halbuki bunları, siz özünüz haram etmisiniz və yalan danışaraq Allaha iftira atmısınız. “Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə”. Çünki onlar şahidlik etsələr belə, bu yalandır. “Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə tay tuturlar”, yəni onlar Rəblərinə başqalarını tay tutmaqla Ona şərik qoşurlar.
 
əl-Ənam, 151
قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
151. De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.

 
Rəvayət olunur ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Kim üzərində Peyğəmbərin ﷺ möhürü olan səhifəni oxumaq istəsə, qoy bu ayələri oxusun: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum...” ayəsindən “Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (“əl-Ənam”, 153) ayəsinə qədər”. (İbn Kəsir hədisin mənbələrini qeyd etməmişdir. əs-Suyuti (3/54) hədisi bu şəkildə rəvayət etmiş: “Kim üzərində Peyğəmbərin ﷺ möhürü olan vəsiyyətini oxumaq istəsə, qoy bu ayələri oxusun: ...” sonra ət-Tirmiziyə, İbn əl-Munzirə, İbn Əbu Hatimə, ət-Tabəraniyə, Əbuş-Şeyxə, İbn Mərdəveyhə və əl-Beyhəqinin “Şuabul-İman” əsərinə nisbət etmişdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 8056; ət-Tirmizi, 3070, 3349. Hədisin isnadı zəifdir. Bax: Daif Sunən ət-Tirmizi, 593).
əl-Hakim İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “əl-Ənam” surəsində mənası aydın olan ayələr var. Bu ayələr Kitabın anasıdır”. Sonra İbn Abbas bu ayələri oxudu: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (“əl-Ənam”, 151-153). əl-Hakim demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/317). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. (Əhməd Şakir). əl-Hakim, 3238). Həmçinin əl-Hakim Ubədə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ: “Hansınız mənə bu üç ayəyə əməl edəcəyinə dair sadiqlik andı içər?”– dedi və: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin...” (“əl-Ənam”, 151–153) ayələrini sonuna qədər oxudu. Sonra dedi: “Sizlərdən hər kim bu əhdə vəfa etsə, onun savabını Allah verər. Kim də bunlardan birini yerinə yetirməzsə və Allah onu dünyada ikən cəzalandırarsa, bu onun cəzası olar. Kimin cəzası Axirətə saxlanarsa, onun işi Allaha qalar. İstəsə onu bağışlayar, istəsə onu cəzalandırar”. Sonra əl-Hakim demişdir: “Hədisin isnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”. (əl-Mustədrək (2/318). əz-Zəhəbi hədisin səhih olması ilə razılaşmışdır. əs-Suyuti (3/54) hədisi əlavə olaraq Abd ibn Humeydə, İbn Əbu Hatimə, Əbuş-Şeyxə, İbn Mərdəveyhə nisbət etmişdir. (Əhməd Şakir). əl-Hakim, 3240).
Ayənin təfsirinə gəlincə, Uca Allah elçisi Muhəmmədə ﷺ xitab edərək belə buyurur: “Ey Muhəmməd, Allahdan başqasına ibadət edən, Allahın verdiyi halal ruzini haram edən, uşaqlarını öldürən, bütün bunları öz rəyləri ilə və şeytanların onlara bu əməlləri gözəl göstərməsi ilə edən müşriklərə belə de: “Gəlin”, yəni tələsin, yaxınlaşın “Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”, yəni zənn, böhtan və yalan olaraq deyil, haqq olaraq, Allah tərəfindən bir vəhy və əmr olaraq Rəbbinizin sizə nələri haram etdiyini izah edib xəbər verim. “Ona heç nəyi şərik qoşmayın”, sanki cümlədə nəzərdə tutulan bir ifadə var və ayənin məzmunu bu ifadəyə dəlalət edir. Yəni “Allah tövsiyə edir ki “Ona heç nəyi şərik qoşmayın”. Bu səbəbdən ayənin sonunda: “Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız”, – buyurur. Ərəblər belə deyir: “Sənə əmr etdim ki, qalxma!”
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Cəbrail yanıma gəldi və ümmətimdən Allaha heç bir şeyi şərik qoşmadan ölənlərin Cənnətə düşəcəkləri ilə məni müjdələdi”. Mən soruşdum: “Zina və oğurluq etsə də belə?” O dedi: “Zina və oğurluq etsə də belə”. Yenə soruşdum: “Zina və oğurluq etsə də belə?” O dedi: “Zina və oğurluq etsə də belə”. Bir daha soruşdum: “Zina və oğurluq edib içki içsə də belə?” O, yenə dedi: “Zina və oğurluq edib içki içsə də belə”. Hədisin bəzi rəvayətlərində Peyğəmbərdən ﷺ bu sualları soruşanın Əbu Zərr olduğu bildirilir və Peyğəmbər ﷺ üçüncü dəfə ona: “Əbu Zərin xoşuna gəlməsə də belə”– buyurur. Əbu Zərr hər dəfə bu hədisi danışarkən deyərdi: “Əbu Zərin xoşuna gəlməsə də belə!” (Hədis oxşar mətnlə Əhmədin rəvayəti ilə “ən-Nisa” surəsinin 47-48-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 5379, 5827, 5962, 6443; Muslim, 138, 283, 1655, 2352).
Bəzi “Musnəd” və “Sunən” əsərlərində Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurur: “Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua edirsən (bağışlanma diləyirsən) və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq, səni bağışlayaram. Əgər hüzuruma Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram. Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram”. (Əhməd (5/154 Hələbi nəşri); əd-Dərimi (2/322), hər ikisi Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişlər. Oxşar hədisi ət-Tirmizi (2/270) Ənəsdən rəvayət etmişdir. (Əhməd Şakir). ət-Tirmizi, 3540, 3885. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 127). Quranda bu hədisi təsdiqləyən bir çox ayələr var. Uca Allah buyurur: “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar” (“ən-Nisa”, 48). Muslimin “Səhih” əsərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Allaha heç bir şeyi şərik qoşmadan ölən kəs Cənnətə girər”. (Muslim, 135, 279). Bu mənada ayələr və hədislər çoxdur.
Uca Allah buyurur: “...valideynlərə yaxşılıq edin”, yəni sizə tövsiyə edərək buyurur ki, ata-anaya yaxşılıq edin. Necə ki başqa bir ayədə belə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur” (“əl-İsra”, 23). Bəzi qarilər ayədə keçən وَقَضَى رَبُّكَ [və qada: Rabbukə] “Rəbbin... buyurmuşdur” feilini وَوَصَّى رَبُّكَ [və vəssa: Rabbukə] “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı tövsiyə etmişdir” şəklində oxumuşlar. Yəni onlara yaxşılıq edin.
Uca Allah bir çox ayələrdə Özünə itaət etməklə, valideynlərə yaxşılıq etməyi yanaşı zikr etmişdir. Necə ki bir ayədə buyurur: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm” (“Loğman”, 14-15). Bu ayədə Uca Allah valideynlər müşrik olsalar belə, onlarla yaxşı davranmağı əmr edir. Başqa bir ayədə buyurur: “Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək... deyə əhd bağladıq” (“əl-Bəqərə”, 83). Bu mənada ayələr çoxdur. əl-Buxarı və Muslimin “Səhih” əsərlərində İbn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Allahın ən çox sevdiyi əməl hansı əməldir?” O buyurdu: “Namazı vaxtlı-vaxtında qılmaq”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”. Abdullah ibn Məsud dedi: “Bunları mənə Peyğəmbər ﷺ dedi. Əgər bundan artığını soruşsaydım, yenə cavab verərdi”. (əl-Buxari, 496, 527).
Uca Allah buyurur: “...və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk”. Uca Allah valideynlərə, baba və nənələrə yaxşılıq etməyi əmr etdikdən sonra uşaqlara və nəvələrə də yaxşılıq etməyi buyurur: “...və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin”. Çünki müşriklər uşaqlarını öldürürdülər. Şeytanlar bu əməli onlara gözəl göstərmişdi və onlar rüsvayçılıq qorxusundan qız uşaqlarını diri-diri basdırırdılar. Bəzən isə yoxsulluğa düşmək qorxusundan, hətta oğlan uşaqlarını da öldürürdülər. Bu səbəbdən əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunur ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Bir dəfə mən Peyğəmbərdən ﷺ soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” Peyğəmbər ﷺ dedi: “Səni yaradan Allaha (başqa birisini) tay tutmağın!” Mən yenə soruşdum: “Bəs sonra hansıdır?” Peyğəmbər ﷺ dedi: “Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürmək!” Mən soruşdum: “Sonra hansıdır?” Peyğəmbər ﷺ dedi: “Qonşunun zövcəsi ilə zina etmək!” Sonra Peyğəmbər ﷺ Uca Allahın bu ayəsini oxudu: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər” (“əl-Furqan”, 68)”. (əl-Buxari, 5542, 6001). Ayədə keçən إِملَاقٍ [imlə:q] sözünü İbn Abbas, Qatədə və əs-Suddi “yoxsulluq” kimi açıqlamışlar. Yəni düşdüyünüz yoxsulluq səbəbindən uşaqlarınızı öldürməyin. Uca Allah “Subhən” (“əl-İsra”) surəsində: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin”, – buyurur. Yəni gələcəkdə baş verə biləcək yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Bu səbəbdən Uca Allah həmin ayədə: “Axı onların da, sizin də ruzinizi Biz veririk”, – buyuraraq əvvəl uşaqların ruzisini qeyd etmişdir. Yəni onlara görə yosulluğa düşməkdən qorxmayın. Onların ruzisini Allah verəcəkdir. Bu ayədə isə yoxsulluq artıq baş verdiyinə görə Uca Allah: “Sizin də, onların da ruzisini Biz veririk”– buyurur, çünki burada mühüm olan ailənin ruzisidir. Ən doğrusunu isə Allah bilir.
Uca Allah buyurur: “Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın”. Bu, Uca Allahın bu ayəsinə bənzəyir: “De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz (əzlaqsız, ədəbsiz, pozğun) əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur” (“əl-Əraf”, 33). Bu cümlənin təfsiri “Günahın aşkarından da, gizlisindən də əl çəkin!” (“əl-Ənam”, 120) ayəsində keçmişdir. əl-Buxarı və Muslimin “Səhih” əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Allahdan daha qeyrətli bir kimsə yoxdur. Elə buna görə də O, murdar əməllərin aşkarını da, gizlisini də haram buyurmuşdur”. (əl-Buxari, 4268, 4634).
Muğiradan (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə Sad ibn Ubadə dedi: “Əgər mən bir kişini zövcəmlə birlikdə tutsam, onu qılıncımın tiyəsi ilə vurub öldürərəm”. Bu, Peyğəmbərə ﷺ çatdıqda belə dedi: “Sadın qeyrətinə təəccüblənirsiniz?! Allaha and olsun ki, mən Saddan daha qeyrətliyəm. Allah isə məndən də qeyrətlidir. Elə buna görə də O, murdar əməllərin aşkarını da, gizlisini də haram buyurmuşdur”. Hədisi əl-Buxari və Muslim rəvayət etmişlər. (əl-Buxari, 6340, 6846; Muslim, 1499, 2754, 3837).
Uca Allah buyurur: “Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin”. Haqsız yerə adam öldürmək, aşkarda və gizlində edilən murdar əməllərin qadağasına daxil olsa da, Uca Allah bu günahı xüsusilə qeyd etmiş və ondan qəti şəkildə çəkindirmişdir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər ﷺ demişdir: “Allahdan başqa ibadətə layiq məbud olmadığına və mənim Allahın elçisi olmağıma şəhadət gətirən müsəlmanın qanını axıtmaq halal deyil. Yalnız üç hal istisnadır: cana can (qisas alınmalı), zinakar evli (kişi və ya qadın daşqalaq edilməli) və dinindən dönüb camaatdan uzaqlaşan (mürtəd edam olunmalıdır)”. (əl-Buxari, 6370, 6878). Muslimin rəvayəti isə belədir: “Özündən başqa ibadətə layiq haqq məbud olmayana (Allaha) and olsun ki, üç hal istisna olmaqla, müsəlmanın qanını axıtmaq halal deyil...”. (Muslim, 3175, 4468).
Əbu Davud və ən-Nəsəi Aişədən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər ﷺ demişdir: “Bu üç haldan biri olmasa, müsəlmanın qanı halal olmaz: evli olduğu halda zina edən daşqalaq edilməli, qəsdən adam öldürən cana-can müqabilində öldürülməli, İslamdan çıxıb Allaha və Onun rəsuluna qarşı savaşan isə ya öldürülməli, ya çarmıxa çəkilməli, ya da yaşadığı yerdən sürgün edilməlidir”. Hədisin mətni ən-Nəsəiyə aiddir. (ən-Nəsəi “Sunən” 3751, 3980. Hədis səhihdir. Bax: Sahih və Daif Sunən ən-Nəsəi, 4048).
Rəvayət edilir ki, möminlərin əmiri Osman ibn Affan (Allah ondan razı olsun) xəvariclər tərəfindən muhasirədə olduğu vaxt belə demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Üç hal istisna olmaqla, müsəlmanın qanını axıtmaq halal deyil. Bu üç hal: İslamı qəbul etdikdən sonra dinindən dönən, evli olduqdan sonra zina edən və can qarşılığı olmadan bir şəxsi öldürmək”. Allaha and olsun ki, nə cahiliyyə dövründə, nə də İslamda ikən zina etmədim. Allah məni doğru yola yönəltdikdən sonra bu dindən başqasını arzu etmədim. Heç kəsi də öldürmədim. Belə olan halda məni nəyə görə öldürəcəklər?!” Hədisi İmam Əhməd, ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. ət-Tirmizi hədisin həsən olduğunu demişdir. (Əhməd (468) həm oxşar mətnlə, həm də müxtəsər olaraq (437, 438, 452, 509) rəvayət etmişdir. (Əhməd Şakir). Əhməd, 452, ət-Tirmizi, 2311. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 2158).
Müsəlmanlarla saziş bağlamış kafiri öldürməyin qadağan olması barədə bir çox hədislər var. əl-Buxari Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim müsəlmanlarla saziş bağlamış muəhədi/* “Muəhəd” sözünün lüğəvi mənası “saziş bağlayan tərəf” deməkdir. Burada isə İslamı qəbul etməyən, bağladığı saziş əsasında müsəlmanların ərazisində yaşayıb cizyə (can vergisi) verən kafir nəzərdə tutulur). öldürərsə, Cənnətin iyini duymaz. Halbuki onun iyi qırx illik məsafədən duyulur”. (əl-Buxari, 2930, 3166).
Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Kim saziş bağlamaqla Allahın və Elçisinin himayəsində olan bir muəhədi (kafiri) öldürərsə, artıq Allahla bağladığı əhdi pozmuşdur. Belə edən şəxs Cənnətin iyini duymaz. Halbuki onun iyi yetmiş illik məsafədən duyulur”. Hədisi İbn Məcə və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. (İbn Məcə, 2687; əl-Hakim, 2581. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2356).
Uca Allah buyurur: “Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız”, yəni Uca Allah bunları sizə tövsiyə edir ki, Onun əmrini və qadağasını yaxşı düşünüb dərk edəsiniz.
 
əl-Ənam, 152
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
152. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb ibrət alasınız.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allah “Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın!” və “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər” (“ən-Nisa”, 10) ayələrini nazil etdikdə, himayəsində yetim olanlar yetimin yeməyini öz yeməklərindən, içkisini öz içkilərindən ayırdılar. Onlar yetimin yeməyini o yeyincəyə ya da korlanıncaya qədər ayırıb saxlayırdılar. Bu onlara ağır gəldi, ona görə bunu Allah Elçisinə ﷺ xəbər verdilər. Uca Allah bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. (“əl-Bəqərə”, 220). Bundan sonra yeməklərini (yetimin) yeməyinə, içkilərini isə içkisinə qatdılar”. (Əbu Davud, 2873; əl-Hakim, 3184. Hədis həsəndir. Bax; Mişkətul-Məsabih, 337). Hədisi Əbu Davud rəvayət etmişdir.
Uca Allah buyurur: “...həddi-buluğa çatana qədər”. əş-Şabi, Malik və bir çox sələf alimləri demişlər: “Yəni yetkinlik yaşına çatana qədər”. “Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin”. Uca Allah bu ayədə həm alanda, həm də satanda ədalətli davranmağı əmr edir. Necə ki başqa bir ayədə alış-verişdə ədalətli davranmayanları təhdid edərək belə buyurur: “Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onları ziyana salarlar. Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi?! Özü də əzəmətli bir gündə. O gün ki, insanlar qalxıb aləmlərin Rəbbinin qarşısında duracaqlar” (“əl-Mutaffifin”, 1-6). Uca Allah bəzi ümmətləri ölçünü və çəkini əskiltdiklərinə görə həlak etmişdir.
Uca Allah buyurur “Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik”, yəni kim üzərinə düşən haqqı ödəməyə, yaxud sahib olduğu haqqı almağa çalışarsa və ədalətli olmaq üçün bütün gücünü sərf etdikdən sonra səhvə yol verərsə, buna görə günah qazanmır.
Uca Allahın: “Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun” sözü  bu ayəyə bənzəyir: “Ey iman gətirənlər! Şahidliyiniz sizin özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun” (“ən-Nisa”, 135). Oxşar ayə “əl-Maidə” surəsində də var. Uca Allah istər qohum olsun, istər yad olsun, hər zaman, hər bir halda, hər kəsə qarşı əməldə və sözdə ədalətli davranmağı əmr edir.
“Allah qarşısındakı əhdə sadiq qalın”. İbn Cərir demişdir: “Yəni Allahın sizə olan tövsiyəsinə əməl edin. Bu isə Allaha itaət edib sizə buyurduğu əmr və qadağalara, Kitabına və Elçisinin Sünnəsinə (hədislərə) əməl etməklə olur. Allah qarşısındakı əhdə sadiq qalmaq da məhz budur”. (ət-Tabəri, 14155, 14213).
“Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb ibrət alasınız”. Uca Allah buyurur ki, sizə tövsiyə etdiklərimiz, əmr etdiklərimiz və təsdiq etdiklərimiz bunlardır. “...bəlkə düşünüb ibrət alasınız”, yəni ümid olunur ki, nəsihət alar və daha əvvəl etdiyiniz pis əməllərdən əl çəkərsiniz. Bəzi qarilər ayədə keçən تَذَكَّرُونَ [təzəkkəru:nə] feilini qoşa “z” hərfi ilə تَذَّكَّرُونَ [təzzəkkəru:nə] şəklində oxumuşlar.
 
əl-Ənam, 153
وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ
153. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.

 
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar” ayəsi, habelə “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” (“əş-Şura”, 13) ayəsi və Quranda bunlara bənzər digər ayələr barədə belə demişdir: “Uca Allah möminlərə camaat olmağı əmr etmiş, ixtilaf etməkdən və firqələrə bölünməkdən çəkindirmişdir. Həmçinin bildirmişdir ki, əvvəlki ümmətlərin həlak olmasına səbəb Allahın dini barədə mübahisə etmək və biri-birilərilə ədavət aparmaq olmuşdur”. Oxşar təfsiri Mucahid və digərləri də demişlər. (İbn Əbu Hatim, 6124, 8158; ət-Tabəri, 10777, 13392, 13447, 14166). İmam Əhməd Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ əli ilə yerdə bir düz xətt çəkib dedi: “Bu, Allahın düz yoludur!” Sonra həmin xəttin sağ və sol tərəflərindən yanlara doğru çoxlu xətlər çəkib dedi: “Bunlar isə başqa yollardır. Bu yolların hər birinin üstündə bir şeytan oturub həmin yola dəvət edir”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar”. Hədisi əl-Hakim də rəvayət etmiş və: “Hədis səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”, – demişdir. Bu hədisi, həmçinin ən-Nəsəi və İbn Mərdəveyh rəvayət etmişlər. əl-Hakim bu hədisin hər iki rəvayətinin səhih olduğunu demişdir. (Əhməd, 4437. Şueyb əl-Arnavut ishadının həsən olduğunu bildirmişdir).
Oxşar hədis ən-Nəvvas ibn Səmandan (Allah ondan razı olsun) da rəvayət edilmişdir. İmam Əhməd ən-Nəvvas ibn Səmandan rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Allah doğru yolu məsəl çəkir. Yolun hər iki tərəfində divarlar, bu divarların üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir: “Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolunuzdan sapmayın!” Yolun üstündə duran bir carçı isə hər dəfə (qul) o qapılardan birini açdıqda, belə deyir: “Vay sənin halına, onu açma! Onu açsan, ora girəcəksən”. (Sonra Allah Elçisi ﷺ bunları açıqlayaraq buyurdu:) “Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üstündə olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir”. Hədisi ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-ğarib” olduğunu demişdir. (Əhməd, 17671, 17784. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2348. Hədis “əl-Fatihə” surəsinin 6-cı ayəsinin təfsirində keçmişdir).
Uca Allah “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın” ayəsində Öz yolunu təkdə zikr etmişdir, çünki haqq birdir. Başqa yolları isə cəmdə zikr etmişdir. Çünki bu yollar müxtəlif və növbənövdür. Necə ki başqa bir ayədə belə buyurur: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətlərə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar” (“əl-Bəqərə”, 257). (Bu ayədə də Uca Allah nuru təkdə, zülməti isə cəmdə zikr etmişdir).
İbn Əbu Hatim Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ: “Hansınız bu üç ayəyə əməl edəcəyinə dair mənə sadiqlik andı içər?”– dedi və: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin...” (“əl-Ənam”, 151-153) ayələrini sonuna qədər oxudu. Sonra dedi: “Sizlərdən hər kim bu əhdə vəfa etsə, onun savabını Allah verər. Kim də bunlardan birini yerinə yetirməzsə və Allah onu dünyada ikən cəzalandırarsa, bu onun cəzası olar. Kimin cəzası Axirətə saxlanarsa, onun işi Allaha qalar. İstəsə, onu bağışlayar, istəsə onu cəzalandırar”. (əl-Mustədrək (2/318). əl-Buxari, 3603, 3892).
 
əl-Ənam, 154-155
ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِي أَحْسَنَ وَتَفْصِيلًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ بِلِقَاءِ رَبِّهِمْ يُؤْمِنُونَ * وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ
154. Sonra Biz Musaya yaxşı işlər gördüyünə görə, nemətimizi tamamlamaq məqsədilə hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.
155. Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna.

 
İbn Cərir demişdir: “Sonra Biz Musaya yaxşı işlər gördüyünə görə...”, yəni ey Muhəmməd, sonra bildir ki, Biz Musaya Kitab verdik. Buna dəlil isə əvvəlki ayədə: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum” (“əl-Ənam”, 151) buyurmasıdır”. Mən deyirəm: “Bu təfsir şübhəlidir, çünki “sonra” bağlayıcısı burada ardıcıllığı ifadə etmək üçün deyil, bir xəbəri digər xəbərə bağlamaq üçündür”.
Uca Allah “Bu, Mənim doğru yolumdur, onu tutub gedin” ayəsində Quran barədə xəbər verdikdən sonra “Sonra Biz Musaya yaxşı işlər gördüyünə görə, nemətimizi tamamlamaq məqsədilə hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik” buyurmaqla Tövratı və Tövrat verilmiş Musanı (ona salam olsun) tərifləyir. Uca Allah Quranın bir çox ayələrində Tövratla Quranı yanaşı zikr etmişdir. Uca Allah buyurur: “Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır” (“əl-Əhqaf”, 12); “De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz” (“əl-Ənam”, 91); Müşriklər barədə xəbər verərək buyurur: “Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar demişdilər: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!” Həmçinin demişdilər: “Biz heç birinə inanmırıq!” (“əl-Qəsəs”, 48). Cinlərdən xəbər verərək onların belə dediklərini buyurur: “Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!” (“əl-Əhqaf”, 30).
Uca Allah buyurur: “...yaxşı işlər gördüyünə görə, nemətimizi tamamlamaq məqsədilə hər şeyi müfəssəl izah edən”, yəni Musaya nazil etdiyimiz Kitabı onun öz şəriətində ehtiyac duyduğu hər şeyi ehtiva edən kamil şəkildə verdik. Necə ki Uca Allah başqa bir ayədə belə buyurur: “Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq” (“əl-Əraf”, 145). Uca Allah buyurur: “...yaxşı işlər gördüyünə görə”, yəni yaxşı əməllər etdiyinə, əmrlərimizə tabe olub Bizə itaət etdiyinə qarşılıq olaraq ona Kitab verdik. Necə ki başqa ayələrdə belə buyurur: “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?!” (“ər-Rahmən”, 60); “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi” (“əl-Bəqərə”, 124), Həmçinin buyurur: “Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə, Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik” (“əs-Səcdə”, 24).
ər-Rabi ibn Ənəs Uca Allahın “Sonra Biz Musaya yaxşı işlər gördüyünə görə, nemətimizi tamamlamaq məqsədilə hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik” ayəsi barədə belə demişdir: “Musa Allahın ona verdiyi nemətləri yaxşı işlərə sərf etmişdir”. (İbn Əbu Hatim, 8113; ət-Tabəri, 14173, 14231). Qatədə demişdir: “Kim dünyada yaxşılıq edərsə, Axirətdə onun üçün bu yaxşılıq tamamlanar (yaxşılıqla qarşılaşar)”. (İbn Əbu Hatim, 8112; ət-Tabəri, 14174, 14232). İbn Cərir ayəni belə təfsir etmişdir: “Sonra biz Musaya yaxşılığını tamamlamaq məqsədilə Kitab verdik”. Bu təfsirə əsasən İbn Cərir ayədə keçən الَّذِي [əlləzi] nisbi əvəzliyini məsdər ədatı kimi götürmüşdür. Necə ki başqa bir ayədə eyni əvəzlik məsdər ədatı kimi işlənmişdir: “Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız” (“ət-Tövbə”, 69). (ət-Tabəri, 14175, 14233).
Digər alimlər isə burada bu əvəzliyin الَّذِينَ [əlləzi:nə] nisbi əvəzliyi mənasında olduğunu demişlər. Mucahid demişdir: “Yəni möminlərə və yaxşı işlər görənlərə nemətimizi tamamlamaq məqsədilə Musaya Kitab verdik”. Əbu Ubeydə də belə demişdir. əl-Bəğavi demişdir: “Yaxşı işlər görənlər peyğəmbərlər və möminlərdir. Yəni, Musanın onlardan (möminlərdən və peyğəmbərlərdən) üstünlüyünü göstərdik”. (əl-Bəğavi “Məalimut-Təfsir” 3/205).
Mən deyirəm: “Bu, Uca Allahın bu ayəsinə bənzəyir: “Allah dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və səninlə danışmağımla səni seçib insanlardan üstün etdim” (“əl-Əraf”, 144). Lakin bu, Allahın Musanı (ona salam olsun) sonuncu peyğəmbər Muhəmməddən ﷺ və Allahın səmimi dostu İbrahimdən (ona salam olsun) üstün etməsini vacib etmir. Çünki digər dəlillərə əsasən bu belə deyil. İbn Cərir demişdir: “Əbu Amr ibn əl-Əla Yəhya ibn Yamərdən rəvayət etmişdir ki, o, ayədəki أَحْسَنَ [əhsənə] sözünü adlıq halda أَحْسَنُ [əhsənu] kimi oxumuşdur. Bu qiraət ərəb dili baxımından doğru olsa da, ayəni bu şəkildə oxumağın doğru olmadığını düşünürəm”. (ət-Tabəri, 14177, 14235). İbn Cərir və əl-Bəğavinin nəql etdiklərinə görə ayənin mənasının belə olduğu deyilmişdir: “Yəni Allah Musaya olan lütfünü artırmaq və tamamlamaq məqsədilə ona Kitab vermişdir”. Birinci təfsirlə bu təfsir arasında heç bir ziddiyyət yoxdur və bildirdiyimiz kimi, İbn Cərir bu iki təfsiri cəm etmişdir. Həmd Allaha məxsusdur.
Uca Allah: “...hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik” buyurmaqla Musaya (ona salam olsun) nazil etdiyi Kitabı tərifləyir. Uca Allahın “Bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr. Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna” ayəsi Qurana tabe olmağa çağırır və Qurana tabe olub ona əməl edənləri həm dünya, həm də Axirətdə bərəkətə nail olacaqları ilə vəsf edir.
 
əl-Ənam, 156-157
أَنْ تَقُولُوا إِنَّمَا أُنْزِلَ الْكِتَابُ عَلَى طَائِفَتَيْنِ مِنْ قَبْلِنَا وَإِنْ كُنَّا عَنْ دِرَاسَتِهِمْ لَغَافِلِينَ * أَوْ تَقُولُوا لَوْ أَنَّا أُنْزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَى مِنْهُمْ فَقَدْ جَاءَكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَّبَ بِآيَاتِ اللَّهِ وَصَدَفَ عَنْهَا سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُوا يَصْدِفُونَ
156. Biz bunu ona görə nazil etdik ki, siz: “Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik”
157. və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, – deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.

 
İbn Cərir demişdir: “Bu ayənin mənası belədir: “Bu, elə bir Kitabdır ki, Biz onu siz “Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir” deməyəsiniz deyə, nazil etdik”. Yəni bəhanəniz qalmasın deyə, nazil etdik. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, səni peyğəmbər göndərməzdik” (“əl-Qəsəs”, 47).
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “bizdən əvvəlki iki tayfaya” ayəsində yəhudi və xaçpərəstlərin nəzərdə tutulduğunu demişdir. Mucahid, əs-Suddi, Qatədə və bir çoxları da belə demişlər. “Biz isə onların oxuduqlarından xəbərsizik”, yəni biz onların dediklərini anlamırıq, çünki onlar bizim dilimizdə danışmırlar. Bununla yanaşı, biz onların etiqad etdikləri etiqaddan xəbərsizik.
Uca Allah buyurur: “...və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz”, yəni sizin “Əgər onlara nazil olan Kitab bizə nazil olsaydı, onlardan daha çox doğru yolda olardıq” demək üçün heç bir səbəbiniz qalmasın deyə, sizə bu Kitabı nazil etdik. Necə ki başqa ayədə buyurur: “Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı” (“Fatir”, 42). Burada isə belə buyurur: “Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir”, yəni Uca Allah buyurur ki, artıq sizə Allah tərəfindən ərəb əsilli peyğəmbər Muhəmmədin dili ilə Əzəmətli Quran gəlmişdir. Orada halal və haram olan şeylərin açıqlaması vardır. O, qəlblərə doğru yol göstərən, ona tabe olub onun ardınca gedən qullar üçün Allah tərəfindən mərhəmət olaraq gəlmişdir.
Uca Allah buyurur: “Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?” Yəni Peyğəmbərin ﷺ gətirdiyindən faydalanmayan, ona verilənə tabe olmayan, Allahın ayələrindən üz çevirib ondan başqasına üz tutandan daha zalım kimdir? əs-Suddi demişdir: “Yəni insanları Allahın ayələrindən döndərən və sapdıran kəsdən daha zalım kim ola bilər?” İbn Abbas, Mucahid və Qatədə demişlər: “Onlardan üz çevirən”, yəni onlardan üz döndərən”. Lakin burada əs-Suddinin təfsiri daha qüvvətlidir, çünki Uca Allah: “Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?”– buyurur. Necə ki bu surənin əvvəlində: “Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar fərqinə varmadan yalnız özlərini həlak edərlər” (“əl-Ənam”, 26) – buyurur. Başqa bir ayədə isə belə buyurur: “Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq” (“ən-Nəhl”, 88). Burada isə: “Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq”, – buyurur. Ola bilsin “Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?” ayəsində İbn Abbas, Mucahid və Qatədənin dedikləri kimi: “Ayələrə iman gətirməyənlər və onlara əməl etməyənlər” nəzərdə tutulur. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi” (“əl-Qiyamə”, 31-32). Bu və buna bənzər ayələrdə kafirlərin ayələri həm qəlbən yalan saydıqları, həm də onlara əzaları ilə əməl etmədikləri bildirilir. Lakin əs-Suddinin dediyi birinci təfsir daha qüvvətli və açıqdır. Ən doğrusunu Allah bilir.
 
əl-Ənam, 158
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ
158. Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.

 
Uca Allah bu ayədə peyğəmbərlərə qarşı çıxıb Allahın ayələrini yalan sayan və insanları Onun yolundan azdıran kafirləri təhdid edərək belə buyurur: “Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin”, bu, Qiyamət günü baş verəcəkdir “və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər?” bu isə Qiyamətdən əvvəl baş verəcəkdir. Qiyamətdən əvvəl onun əlamətləri gələcəkdir. Necə ki əl-Buxari Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Günəş batdığı yerdən (məğribdən) doğmayınca, Qiyamət qopmayacaq. Bunu gördükdə, yer üzündə olan hər kəs iman gətirəcək. Həmin vaxt: “....əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”. (əl-Buxari, 6588, 7121). Hədisi ət-Tirmizidən başqa digər hədis alimləri kitablarında rəvayət etmişlər. İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Üç əlamət var ki, bunlar gəldikdə “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”. Bu əlamətlər; Günəşin batdığı yerdən doğması, Dəccalın zühur etməsi və yerdən heyvanın çıxmasıdır (Uca Allah buyurur: “O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər” (“ən-Nəml”, 82)”. Hədisi İmam Əhməd də rəvayət etmiş, lakin üçüncü əlamət kimi “və tüstüdür” sözünü işlətmişdir. Hədisi Muslim də rəvayət etmişdir. (ət-Tabəri (14247); Əhməd (9751). (Əhməd Şakir). Muslim, 227, 417).
İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Günəş batdığı yerdən (məğribdən) doğmayınca, Qiyamət qopmayacaq. İnsanlar bunu gördükdə, hamılıqla iman gətirəcək. Həmin vaxt: “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”. (ət-Tabəri (14219). (Əhməd Şakir). Muslim, 226, 413).
İbn Cərir Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Günəş batdığı yerdən doğmazdan əvvəl tövbə edənin tövbəsi qəbul olunar”. Bu hədisi altı “Sunən” əsərinin müəlliflərindən heç biri rəvayət etməmişlər. (ət-Tabəri (14220); Əhməd (7697); Muslim (2/312). Hədis barədə “altı “Sunən” əsərinin müəlliflərindən heç biri rəvayət etməmişdir”, – deyilməsi doğru deyil. (Əhməd Şakir). Muslim, 4872, 7036).
Rəvayət edilir ki, Əbu Zərr Cundub ibn Cunədə (Allah ondan razı olsun) demişdir: “Günəş batarkən Peyğəmbər ﷺ məndən soruşdu: “Günəş batarkən hara getdiyini bilirsənmi?” Mən: “Bilmirəm”, – deyə cavab verdim. Peyğəmbər ﷺ buyurdu: “O gedib Ərşin altında səcdə edənədək hərəkətinə davam edir, sonra ona: “Qayıt” deyilənə qədər qalır. Ey Əbu Zərr, tezliklə elə bir zaman gələcək ki, ona: “Gəldiyin yerə qayıt!”– deyiləcək. Məhz bu vaxt: “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”. Hədisi əl-Buxari, Muslim və başqaları rəvayət etmişlər. (əl-Buxari, 3199, 6874, 7424; Muslim, 229, 420).
İmam Əhməd Huzeyfə ibn Əsid Əbu Sərihə əl-Ğifərinin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz öz aramızda Qiyamətin baş verməsini müzakirə edərkən Peyğəmbər ﷺ evindən gəlib söhbətin üstünə çıxdı və belə dedi: “Siz on əlaməti görmədikcə, Qiyamət qopmayacaq. Bu əlamətlər: Günəşin batdığı yerdən çıxması, tüstünün gəlməsi, (Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və insanları bürüməsi nəzərdə tutulur. Quran və Sünnədə bunu təsdiqləyən neçə-neçə dəlillər var. Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılıacılı bir əzabdır” (“əd-Duxan”, 10-11) yerdən heyvan çıxması, Yəcuc və Məcuc tayfalarının axışıb gəlməsi, Məryəm oğlu İsanın yerə enməsi, Dəccalın zühuru, üç yerdə – şərqdə, qərbdə və Ərəbistan yarımadasında yerəbatma hadisəsinin olması, bir də Ədən torpaqlarının dərinliklərindən püskürən alovun insanları qarşısına qataraq bir yerə toplamasıdır. Bu alov insanları səhər-axşam təqib edəcəkdir”. Hədisi Muslim və “Sunən” əsərlərinin müəllifləri də rəvayət etmişlər. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu demişdir. (Əhməd (16213); Muslim (2/366-367). (Əhməd Şakir). Əhməd, 16188-16189, 16244, 23877; Muslim, 5162, 7467; ət-Tirmizi, 2183, 2338).
Rəvayət edilir ki, Safvən ibn Assəl (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Həqiqətən, Allah günbatan tərəfdən tövbə üçün genişliyi yetmiş illik məsafə olan bir qapı açmışdır. Bu qapı, Günəş batdığı yerdən doğmayana qədər bağlanmaz”. Hədisi ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişlər. ən-Nəsəi hədisin səhih olduğunu bildirmişdir. Həmçinin İbn Məcə uzun bir mətnlə rəvayət etmişdir. (Əhməd, 18100, 18125, 18279; ət-Tirmizi, 3535, 3878. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3137).
İmam Əhməd Əbu Zurə ibn Amr ibn Cərirdən rəvayət etmişdir ki, üç müsəlman kişi Mədinədə Mərvanın yanında oturub onu dinləyirdilər. Onlar Mərvanın Qiyamətin əlamətlərindən danışdığını və belə dediyini eştdilər: “Qiyamətin ilk əlaməti Dəccalın zühur etməsi olacaqdır”. Bu üç nəfər Abdullah ibn Amrın yanına gəlib Qiyamətin əlamətləri barədə Mərvanın danışdıqlarını ona xəbər verdilər. Abdullah ibn Amr dedi: “Mərvan ətraflı bir şey söyləməmişdir. Bu barədə Peyğəmbərdən ﷺ bir hədis əzbərləmişəm və hələ də unutmamışam. Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Qiyamətin ilk əlaməti Günəşin batdığı yerdən doğması və duha vaxtı yerdən heyvanın çıxması olacaqdır. Bu iki əlamətdən hansı əvvəl baş versə, digəri dərhal onun ardınca gələcəkdir”. Sonra Abdullah – o, Kitab Əhlinin kitablarını oxuyardı – belə dedi: “Məncə Günəşin batdığı yerdən doğması ilk baş verəcək. Günəş hər dəfə batdıqda Ərşin altına gedib səcdə edir, sonra yenidən doğmaq üçün izn istəyir və ona qayıtmağa izn verilir. Uca Allah Günəşin batdığı yerdən doğmasına qərar verdikdə, o yenə izn istəyər, lakin ona heç bir cavab verilməz. Sonra Günəş qayıtmaq üçün təkrar izn istəyər, ona yenə heç bir cavab verilməz. Nəhayət, gecədən Allahın istədiyi qədər bir müddət keçdikdən sonra ona qayıtmağa icazə verildikdə və o, gündoğana yetişə bilməyəcəyini anladıqda: “Ey Rəbbim, gündoğan necə də uzaqdır? İnsanlar üçün məni kim əvəz edəcək?”– deyər. Üfüq bir halqa kimi olduqda, Günəş yenə qayıtmaq üçün izn istəyəcək və ona: “Olduğun yerdən çıx!”– deyiləcək. Günəş insanların üzərinə batdığı yerdən doğacaq”. Sonra Abdullah Uca Allahın “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” ayəsini oxudu”. Hədisi Muslim, Əbu Davud və İbn Məcə də rəvayət etmişlər. (Əhməd (6881); ət-Tabəri (14214, 14215). İbn Kəsirin hədisi Muslimə, Əbu Davuda və İbn Məcəyə nisbət etməsi doğru deyil, çünki onlar hədisi bu mətnlə deyil, müxtəsər olaraq rəvayət etmişlər. Həmçinin hədisi əl-Hakim (4/500, 501, 547, 548) rəvayət etmişdir. (Əhməd Şakir). Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).
İmam Əhməd İbn əs-Sədidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Düşmən bizimlə döyüşməyə davam edənə qədər hicrət bitməz”. Muaviyə, Abdur-Rahmən ibn Auf, Abdullah ibn Amr ibn əl-As dedilər: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “Həqiqətən, hicrətin iki növü var. Birincisi pis əməlləri tərk etməkdir. Digəri isə Allah və Onun Rəsulu üçün hicrət etməkdir. Tövbə qəbul edildiyi müddət ərzində hicrət kəsilməyəcək. Tövbə isə Günəş batdığı yerdən doğana qədər qəbuldur. Günəş batdığı yerdən doğduqda, hər kəsin qəlbinə içindəkilərlə birlikdə möhür vurulacaq və insanlara bundan sonra etdikləri əməlləri fayda verməyəcək”. Bu hədisin isnadı yaxşıdır. Altı “Sunən” əsərinin müəlliflərindən heç biri bu hədisi rəvayət etməmişdir. Ən doğrusunu Allah bilir. (ət-Tabəri (14212); Əhməd (1672). (Əhməd Şakir). Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7469).
Uca Allah buyurur: “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”, yəni kafir o gün imana gəlsə də, bu ondan qəbul edilməz. Bundan əvvəl iman gətirənlərə gəlincə isə əməlində ixlaslı olan hər kəs böyük bir xeyir içində olacaq. Şübhə içində olub o əsnada tövbə edənlərin tövbəsi isə qəbul edilməz. Necə ki əvvəl keçən hədislər buna dəlalət edir. Uca Allahın “imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” sözü də bu mənadadır. Yəni daha əvvəl əməlisaleh olmamışsa, bundan sonra saleh əməllər etməsi ona fayda verməyəcək.
Uca Allah buyurur: “De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. Bu, həm kafirlər üçün, həm də iman gətirməyi və tövbəni imanın və tövbənin fayda verməyəcəyi bir zamana qədər gecikdirənlər üçün şiddətli bir təhdid və qorxutmadır. Günəşin batdığı yerdən doğması Qiyamət saatının yaxınlaşmasına və əlamətlərinin ortaya çıxmasına dəlalət etdiyinə görə bu hökm (tövbənin qəbul olunmaması) bu vaxta aid edilmişdir. Uca Allah başqa ayələrdə belə buyurur: “Yoxsa kafirlər Qiyamət saatının qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir. O saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?!” (“Muhəmməd”, 18); “Onlar əzabımızı gördükdə dedilər: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri inkar etdik!” Lakin əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən olub-keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar” (“Ğafir”, 84-85).
 
əl-Ənam, 159
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ
159. Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.

 
Mucahid, Qatədə, əd-Dahhək və əs-Suddi bu ayənin yəhudi və xaçpərəstlər barədə nazil olduğunu demişlər. İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur” ayəsi barədə demişdir: “Yəhudi və xaçpərəstlər Muhəmməd ﷺ peyğəmbər göndərilməzdən əvvəl ixtilafa düşmüş və parçalanmışdılar. Uca Allah Muhəmmədi ﷺ peyğəmbər göndərdikdə ona: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur...” ayəsini nazil etdi”. Ayənin zahiri mənasından aydın olur ki, bu ayə Allahın dinindən ayrılan və ona müxalif olan hər kəsə aiddir. Uca Allah Öz Elçisini ﷺ, İslamı bütün dinlərdən üstün etmək üçün doğru yol göstəricisi və haqq din ilə göndərmişdir. Onun şəriəti birdir, onda heç bir ixtilaf və ayrılıq yoxdur. Kim bu dini parçalayıb digər azmış din mənsubları kimi nəfsi istəklərinə uyub firqə-firqə olarsa, bilsin ki, Uca Allah onların düşdükləri bu haldan Öz Elçisini təmizə çıxarmışdır. Uca Allah başqa bir ayədə belə buyurur: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” (“əş-Şura”, 13). Bir hədisdə Peyğəmbər ﷺ belə buyurur: “Biz peyğəmbərlər atabir qardaşlarıq. Dinimiz birdir”. Doğru yol, peyğəmbərlərin gətirdikləri din tək və şəriki olmayan Allaha ibadət etmək və sonuncu gələn peyğəmbərin şəriətinə tabe olmaqdır. Buna müxalif olan hər şey zəlalət, cahillik, şəxsi rəylər və nəfsi istəklərdən ibarətdir. Peyğəmbərlər bütün bunlardan uzaq və təmizdirlər. Necə ki Uca Allah burada: “firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur”– buyurur.
Uca Allahın “Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” sözü bu ayəyə bənzəyir: “Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir” (“əl-Həcc”, 17). Sonra Uca Allah növbəti ayədə Qiyamət günü hökmünü və ədalətini bəyan edərək buyurur:
 
əl-Ənam, 160
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ
160. Kim yaxşı əməl gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pis əməl gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

 
Bu ayə, başqa bir ayədə ümumi olaraq zikr ediləni “Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı verilər” (“ən-Nəml”, 89) açıqlayır. Bu ayəyə uyğun bir çox hədislər mövcuddur. Necə ki İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Rəbbinin belə dediyini buyurmuşdur: “Həqiqətən, Rəbbimiz rəhmlidir. Kim bir savab iş görməyə niyyət edərsə, sonra buna əməl etməzsə, onun üçün tam bir savab yazılar. Əgər bunu yerinə yetirərsə, onun üçün on qatdan yeddi yüz qatadək, hətta bundan da artıq savab yazılar. Kim bir günah iş görməyə niyyət edərsə, sonra buna əməl etməzsə, onun üçün tam bir savab yazılar. Əgər günah işi yerinə yetirərsə, ona cəmi bir günah yazılar və ya Uca Allah bu günahı silər. (Allahın bu geniş lütfünə rəğmən) Ancaq özünü bu mərhəmətdən məhrum edən kimsə (yəni günah işlər görməyə can atan, haramlardan çəkinməyən və yaxşılıq etməkdən boyun qaçıran kimsə həlak olar). həlak olar”. Hədisi əl-Buxari, Muslim və ən-Nəsəi də rəvayət etmişlər. (Əhməd (2001, 2519). (Əhməd Şakir). Muslim, 186, 354).
Yenə İmam Əhməd Əbu Zərdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurur: “Kim bir savab iş görərsə, ona etdiyinin on misli verilər, üstəlik artıraram. Kim bir günah iş görərsə, etdiyi günahın mislində cəzalandırılar və ya onu bağışlayaram. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə qarşılaşarsa, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac/* Qulac - iki qol açıldığı zaman birinin ucundan digərinin ucuna qədər olan məsafədir). yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm”. Bu hədisi Muslim və İbn Məcə rəvayət etmişlər. (Əhməd, 21360, 21398, 21526. Şueyb əl-Arnavut demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir”).
əl-Hafiz Əbu Yalə əl-Məusili Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim bir savab iş görməyə niyyət edərsə, lakin buna əməl etməzsə, onun üçün tam bir savab yazılar. Əgər bunu yerinə yetirərsə, onun üçün on qat artıq savab yazılar. Kim bir günah iş görməyə niyyət edərsə, lakin buna əməl etməzsə, ona günah yazılmaz. Əgər günah işi yerinə yetirərsə, ona cəmi bir günah yazılar”. (Hədisin isnadı səhihdir. əl-Heysəmi hədisi “əz-Zəvaid” (1/145) əsərində qeyd etmiş və demişdir: “Hədisi Əbu Yalə rəvayət etmişdir. Hədisin raviləri “Səhih” əsərinin hədislərini rəvayət edənlərdir”. (Əhməd Şakir). Əhməd, 10466, 10471; İbn Hibban, 384. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5863).
Bil ki, bir günahı tərk edib ona əməl etməyənlər üç qisimdir:
Birinci qisim günahı Allah xatirinə tərk edəndir. Belə insan günahdan Allah xatirinə imtina etdiyinə görə, ona bir savab yazılır. Bu günahı həm əməldə, həm də niyyətdə tərk etməkdir. Bu insana bir savab yazılması barədə hədislər vardır. Necə ki (Muslimin) “Səhih” əsərində yer alan hədislərdən birinin mətni belədir: “O bunu yalnız mənim xatirimə tərk etmişdir”. (Muslim, 129, 185, 352).
İkinci qisim unutqanlıqdan və çaşqınlıqdan günahı tərk edəndir. Bu insana nə savab yazılır, nə də günah. Çünki o, nə xeyirə niyyət etmiş, nə də günah etmişdir.
Üçüncü qisim günah işə can atıb ona yaxınlaşdıran əməlləri etdikdən sonra acizliyindən və ya tənbəlliyindən günahı tərk edəndir. Bu insan günahı etmiş kimidir. Necə ki əl-Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “İki müsəlman qılınc çəkib üz-üzə gələrsə, öldürən də, ölən də cəhənnəmlikdir”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, qatilin halı bəllidir. Bəs ölən niyə cəhənnəmlikdir?” Peyğəmbər ﷺ dedi: “Çünki o, müsəlman qardaşını öldürməyə həris idi”. (əl-Buxari, 31, 60; Muslim, 2888, 5139, 7434. Hədis Əbu Bəkradan (Allah ondan razı olsun) rəvayət edilir).
İmam Əhməd Xureym ibn Fatiq əl-Əsədidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İnsanlar dörd, əməllər isə altı qisimdir. Dörd qisim insan bunlardır: dünya və axirətdə bol nemət verilənlər, dünyada bol nemət verilib axirətdə isə kasıb olanlar, dünyada kasıb olub axirətdə bol nemət verilənlər, dünya və axirətdə bədbəxt olanlar. Altı qisim əməl isə bunlardır: vacib olan iki əməl, misli qədər savab verilən əməl, on misli qədər savab verilən əməl, yeddi yüz misli qədər savab verilən əməl. Vacib olan iki əmələ gəlincə, Allaha heç bir şeyi şərik qoşmadan müsəlman olaraq ölənə Cənnət vacib olar. Kafir olaraq ölənə isə Cəhənnəm vacib olar. Kim bir savab iş görməyə niyyət edərsə, lakin buna əməl etməzsə, bu əməli qəlbindən keçirdiyini və ona həris olduğunu Allah bilərsə, onun üçün tam bir savab yazılar. Kim bir günah iş görməyə niyyət edərsə, buna görə ona günah yazılmaz. Əgər o günah işi yerinə yetirərsə, ona cəmi bir günah yazılar və artırılmaz. Kim bir savab iş görərsə, onun üçün on qat artıq savab yazılar. Kim Allah yolunda bir sədəqə verərsə, bu onun üçün yeddi yüz qat artırılar”. Hədisi ət-Tirmizi və ən-Nəsəi (bir hissəsini) rəvayət etmişlər. (Əhməd (4/345 Hələbi nəşri). (Əhməd Şakir). Əhməd, 19057, 19244. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 2604).
İbn Əbu Hatim Amr ibn Şueybdən, o da atasından, o da Şueybin babasından (Abdullah ibn Amrdan) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Cüməyə üç qisim insan gəlir; biri o kimsədir ki, gəlib (xütbə əsnasında) danışır. Onun nəsibi sadəcə budur. Başqa birisi o kimsədir ki, gəlib (iki xütbə arasında) dua edir. Bu, Uca Allaha dua edən kimsədir. Allah istəsə, ona dilədiyini verər, istəməsə də verməz. Həmçinin o kimsədir ki, gəlib heç bir müsəlmanın çiyni üzərindən keçmədən və heç kəsə əziyyət vermədən sakitcə xütbəni dinləyir. Bu, onun üçün növbəti cüməyədək və əlavə üç günlük günahlara kəffarədir, çünki Allah belə buyurur: “Kim yaxşı əməl gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər”. (Hədisin isnadı səhihdir. Hədisi, həmçinin Əhməd (6701, 7002) rəvayət etmişdir. (Əhməd Şakir). Əbu Davud, 1113, 1115. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 8045).
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim hər ay üç gün (hicri ayların 13-14-15-i) oruc tutarsa, bütün il boyu oruc tutmuş kimidir”. Hədisi İmam Əhməd bu mətnlə rəvayət etmişdir. (Əhməd, 21339, 21626; İbn Məcə, 1708. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6324). Həmçinin ən-Nəsəi, İbn Məcə və ət-Tirmizi rəvayət etmişlər. ət-Tirmizinin rəvayətində bu əlavə var: “Uca Allah Kitabında bunun təsdiqi olaraq: “Kim yaxşı əməl gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər” ayəsini nazil etdi. Bir gün on günə bərabərdir”. Sonra da: “Bu, həsən hədisdir”, – demişdir. (ət-Tirmizi, 762, 767. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 4/102. Hədis 948). Bu mənada hədis və rəvayətlər olduqca çoxdur. Qeyd etdiklərimiz Allahın izni ilə kifayət edər. Hər işdə Allaha güvənirik!
 
əl-Ənam, 161-163
قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ دِينًا قِيَمًا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ * قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ * لَا شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ
161. De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”.
162. De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!
163. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam”.

 
Uca Allah bu ayədə ən fəzilətli Peyğəmbərinə ﷺ əmr edir ki, onu doğru yola yönəltməklə ona bəxş etdiyi neməti insanlara xəbər versin. Bu doğru yolda nə bir əyrilik, nə də bir sapma vardır, “həqiqi dinə”, yəni mötəbər dinə, “hənif (Batildən haqqa yönələn) İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”. Uca Allah başqa ayələrdə də belə buyurur: “Səfehlik edən kəsdən başqa kim İbrahimin dinindən üz çevirər?!” (“əl-Bəqərə”, 130); “Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı” (“əl-Həcc”, 78); “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə belə vəhy etdik: “Hənif İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi” (“ən-Nəhl”, 120-123).
Peyğəmbərə ﷺ İbrahimin (ona salam olsun) hənif dininə tabe olmaq əmr edilməsi İbrahimin dininin daha kamil olması anlamına gəlmir, çünki Peyğəmbər ﷺ, bu əmri tam olaraq yerinə yetirmiş və bu dini tamamlamaqla özündən əvvəl heç kimə verilməmiş kamillik dərəcəsinə yüksəlmişdir. Bu səbəbdən o, peyğəmbərlərin sonuncusu, Adəm övladının ağası və Qiyamət günü bütün insanların, hətta Allahın səmimi dostu İbrahimin də arzuladığı tərifəlayiq məqamın (Bu məqam “Məqamul-Məhmud” adlanır. Bu, Peyğəmbərin ﷺ məhşər günü onun yanına gələn insanlar üçün şəfaət edəcəyi məqamdır. Uca Allah buyurur: “Ola bilsin ki, buna görə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (“əl-İsra”, 79) sahibidir.
İbn Mərdəveyh İbn Əbzədən, o da atasından rəvayət etmişdir ki, Peyğəmbər ﷺ səhər açıldıqda belə deyərdi: “İslam millətinə, ixlas kəlməsinə, Peyğəmbərimiz Muhəmmədin dininə, hənif (ixlasla Allaha ibadət edən) bir müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətinə tabe olaraq səhərə çıxdıq (Transkripsiyası: [Əsbəhnə alə di:nil-islə:mi, və alə kəlimətil-ixlə:si, və alə di:ni nəbiyyinə Muhəmmədin (səllalla:hu aleyhi və səlləm) və alə milləti əbi:nə İbra:himə həni:fən muslimən və mə: kə:nə minəl-muşriki:n])”. (Əhməd, 15363, 15400, 15437. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2989).
İmam Əhməd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşdular: “Allaha ən sevimli din hansıdır?” Peyğəmbər ﷺ: “Asan olan hənif din”, – deyə cavab verdi. (Əhməd (2107). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2/455, hədis 881).
İmam Əhməd Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Bir dəfə Peyğəmbər ﷺ həbəşilərin nizə oynatmaqlarına baxa bilməyim üçün çənəmi (arxa tərəfdən) öz çiyninə söykədi və mən yorulana qədər onların oyunlarına baxdım”. Urvə Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər həmin gün (həbəşilərin nizə oynatdığı gün) belə dedi: “Qoy yəhudilər bilsinlər ki, dinimizdə genişlik var. Həqiqətən, mən asan hənif dinlə göndərildim”. (Əhməd (6/116 Hələbi nəşri). Hədisin isnadı səhihdir. (Əhməd Şakir). Əhməd, 24898, 25366. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir). Hədisin əsli əl-Buxari və Muslimin “Səhih” əsərlərində yer almışdır. Hədisin mətninə edilən əlavələr isə müxtəlif yollarla sabitdir. Bu rəvayətləri əl-Buxarinin “Səhih” əsərinin şərhində bildirmişəm. Həmd və şükür Allaha məxsusdur.
Uca Allah: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” buyurmaqla Peyğəmbərə ﷺ əmr edir ki, Allahdan başqasına ibadət edən, Ondan başqasının adına qurban kəsən müşriklərə müxalif olduğunu bildirsin. Habelə bildirsin ki, həqiqətən, onun namazı Allah üçündür. İbadətləri tək və şəriki olmayan Allahın adınadır. Uca Allah başqa bir ayədə belə buyurur: “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” (“əl-Kövsər”, 2). Yəni namazını və qurbanını xalis Allah üçün et. Müşriklər bütlərə ibadət edər və onlara qurban kəsərdilər. Uca Allah Peyğəmbərinə ﷺ onlara müxalif olmağı, onların düşdükləri zəlalətdən uzaq olmağı, niyyətdə və əməldə Allaha ixlaslı olmağı əmr etmişdir.
Uca Allah buyurur: “Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam”. Qatədə demişdir: “Yəni bu ümmətdə ilk müsəlman olan mənəm”. Bu, onun söylədiyi kimidir, çünki Peyğəmbərdən ﷺ əvvəlki peyğəmbərlərin hamısı İslama dəvət etmişlər. İslamın əsli isə tək və şəriki olmayan Allaha ibadət etməkdir. Necə ki Uca Allah bir ayədə belə buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (“əl-Ənbiya”, 25). Başqa bir ayədə isə Nuhun (ona salam olsun) öz qövmünə belə dediyini xəbər verir: “Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir” (“Yunus”, 72). Başqa bir ayədə isə belə buyurur: “Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (“əl-Bəqərə”, 130-132). Yusuf (ona salam olsun) peyğəmbər belə demişdir: “Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur” (“Yusuf”, 101). Musa (ona salam olsun) isə belə demişdir: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” Onlar dedilər: “Biz, ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!” (“Yunus”, 84-86). Uca Allah başqa ayələrdə belə buyurur: “Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini Allaha təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər” (“əl-Maidə”, 44); “Bir zaman Mən həvarilərə: “Mənə və rəsuluma iman gətirin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!”– demişdilər” (“əl-Maidə”, 111).
Uca Allah bildirir ki, O, Öz peyğəmbərlərini yalnız İslam dini ilə göndərmişdir, lakin onlar özlərinə xas olan və biri-birilərini nəsx edən (hökmünü qaldıran) şəriət qanunlarına görə fərqlənirlər. Nəhayət, bu şəriətlərin hamısı heç vaxt hökmü qaldırılmayan, Qiyamətə qədər daim müzəffər qalan və yayılan Muhəmmədin ﷺ şəriəti ilə nəsx edilmişdir. Bu səbəbdən Peyğəmbər ﷺ demişdir: “Biz peyğəmbərlər atabir qardaşlarıq. Dinimiz birdir”. (Bu hədis bir neçə dəfə keçmişdir. Son dəfə “əl-Maidə” surəsinin 48–50-ci ayələrinin təfsirində keçmişdir. (Əhməd Şakir). əl-Buxari, 3186, 3442). Hədisdə keçən “ixvatu əllət”, yəni “atabir qardaşlar” sözü, ataları eyni olub anaları müxtəlif olan qardaşlar deməkdir. Dinlərinin bir olması hamısının tək və şəriki olmayan Allaha ibadət etmələridir. Analarının müxtəlif olması isə şəriət qanunlarının müxtəlif olmasıdır. Necə ki “ixvatu əxyəf”, yəni “anabir qardaşlar” sözü bunun əksidir. Onlar bir ananın müxtəlif atalardan olan oğullarıdır. “İxvatu əyan”, yəni “doğma qardaşlar” sözü isə, eyni ata və anadan olan qardaşlardır. Ən doğrusunu isə Allah bilir.
İmam Əhməd Əlidən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ namaza başlayarkən təkbir gətirib (Allahu Əkbər deyib) açılış duasını/* Açılış duası namaza başlayarkən birinci təkbirdən sonra edilən duadır. Hədislərdə bir neçə açılış duası varid olmuşdur. Bu dualardan bəziləri bunlardır:
1) “Allahım! Günbatanla gündoğanın arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!”
Transkripsiyası: [Allahummə bə:id bəyni və bəynə xata:yə:yə kəmə bə:adtə bəynəlməşriqi vəl-məğribi, Allahummə nəqqini min xata:yə:yə kəmə yunəqqas-səubuləbyədu minəd-dənəsi. Allahummə-ğsilni min xata:yə:yə bis-səlci vəl-mə:i vəl-bəradi]. (əl-Buxari, 1/181; Muslim, 1/419.)
2) “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa məbud yoxdur!”
Transkripsiyası: [Subhə:nəkə Allahummə və bihəmdikə və təbə:rakəsmukə və təa:lə cəddukə və lə ilə:hə ğayrukə]. (“Sünən” əsərlərinin müəllifləri. Bax: “Səhih ət-Tirmizi”, 1/77 və “Səhih ibn Məcə”, 1/135) dedikdən sonra bu ayələri oxuyardı: “Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm” (“əl-Ənam”, 79); “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam”. Sonra deyərdi: “Allahım, hökmdar Sənsən! Səndən başqa ibadətə layiq məbud yoxdur. Sən mənim Rəbbimsən, mən isə Sənin qulun. Özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Məni onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən. Sən Mübarək və Ucasan! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm”. (Transkripsiyası: [Alla:hummə əntəl-məliku lə ilə:hə illə ənt. Əntə Rabbi və ənə abdukə zaləmtu nəfsi va'təraftu bizənbi, fəğfir li zunu:bi cəmi:an, lə yəğfiriz-zunu:bə illə ənt, vəhdini liəhsənil-əxlə:qi lə yəhdi liəhsənihə illə ənt, vəsrif anni seyyiəhə lə yəsrifu anni seyyiəhə illə ənt. Təbə:raktə və təa:leyt, əstəğfirukə və ətubu ileyk]). Sonra Əli hədisin davamını gətirərək Peyğəmbərin ﷺ ruku, səcdə və təşəhhüddə dediklərini qeyd etdi. Hədisi Muslim “Səhih” əsərində də rəvayət etmişdir. (Əhməd (729); Muslim (1/215); İbn Həzm “əl-Muhəllə” (4/95–96). (Əhməd Şakir). Muslim, 1290, 1848).
 
əl-Ənam, 164
قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
164. De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir.

 
Uca Allah bu ayədə buyurur: “Ey Muhəmməd, Allaha şərik qoşan müşriklərə ibadəti yalnız Allaha aid edib Ona təvəkkül etmək xüsusunda de: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Yəni, hər şeyin Rəbbi mənim qayğıma qalan, məni müdafiə edən, qoruyan, işlərimi sahmana salan Allah olduğu halda, mən Ondan başqasını necə Rəbb seçə bilərəm? Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam, çünki hər şeyin Rəbbi və sahibi Odur. Yaratmaq da, əmr etmək də Ona məxsusdur. Bu ayədə yalnız Allaha təvəkkül etmək əmr olunur. Necə ki bundan əvvəlki ayədə ibadəti yalnız şəriki olmayan Allaha aid etmək əmr olunmuşdur. Təvəkkül və ibadət bir çox ayələrdə yanaşı zikr edilmişdir. Necə ki Uca Allah qullarına (namazda) belə deməyi buyurmuşdur: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (“əl-Fatihə”, 5). Həmçinin başqa ayələrdə belə buyurur: “Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et” (“Hud”, 123); “De: “O, Mərhəmətli Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik” (“əl-Mulk”, 29); “O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!” (“əl-Muzzəmmil”, 9). Buna bənzər başqa ayələr də var.
Uca Allah “Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz” buyurmaqla Qiyamət günü verəcəyi cəzadan, hökmündən və ədalətindən xəbər verir. O gün hər kəsə yalnız etdiyi əməllərin qarşılığı veriləcək. Əməlləri xeyir olarsa, qarşılığı xeyirlə, əməlləri pis olarsa, qarşılığı da pisliklə olacaq. Heç kəsin günahı başqasına yüklənməyəcək. Bu, Uca Allahın ədalətindən irəli gəlir. Necə ki başqa ayələrdə belə buyurur: “Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz” (“Fatir”, 18); “Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa məruz qalmaqdan, nə də savabının əksilməsindən qorxarlar” (“Taha”, 112). Təfsir alimləri bu ayənin təfsirində demişlər: “Yəni, heç kimə başqasının günahları yüklənməklə zülm edilməz, savab əməlləri azaldılmaqla haqsızlıq edilməz. Uca Allah başqa bir ayədə belə buyurur: “Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa” (“əl-Muddəssir”, 38-39). Yəni sağ tərəf sahibləri istisna olmaqla, hər kəs etdiyi pis əməlin girovuna çevriləcək. Ola bilsin, sağ tərəf sahiblərinin saleh əməllərinin bərəkəti, onların nəsillərinə və zürriyyətlərinə qayıdacaq (təsir edəcək). Necə ki Uca Allah “ət-Tur” surəsində belə buyurur: “Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur” (“ət-Tur”, 21). Yəni, onların zürriyyətlərini də Cənnətdəki yüksək dərəcələrdə onlara qatdıq. Zürriyyətləri saleh əməllərdə onlara şərik olmasalar da, imanın əslində onlara şərikdirlər. Biz onların etdiklərindən heç bir şey azaltmadıq. “Onların əməllərindən heç bir şey əskiltməyəcəyik”, yəni nəsillərini onların dərəcəsinə qaldırmaq üçün onların əməllərindən heç nə azaltmadıq. Əksinə, Uca Allah Öz lütfü və səxavəti ilə atalarının əməllərinin bərəkəti sayəsində onları atalarının dərəcələrinə yüksəltmişdir. Sonra Uca Allah buyurur: “Hər kəs qazandığının girovudur” (“ət-Tur”, 21). Yəni hər kəs qazandığı günahın girovudur.
Uca Allah buyurur: “Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir”, yəni əlinizdən gələni edin. Biz də bildiyimizi edəcəyik. Siz də, biz də Allahın hüzurunda dayanacağıq. Uca Allah bizə də əməllərimizi, sizə də əməllərinizi və dünyada ikən ixtilaf etdiyimiz şeylər barədə xəbər verəcəkdir. Uca Allah başqa bir ayədə belə buyurur: “De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik”. De: “Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra aramızda ədalətlə hökm verəcək. O, ən ədalətli Hakimdir, Biləndir” (“Səba”, 25-26).
 
əl-Ənam, 165
وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ الْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ
165. Verdikləriylə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.

 
Uca Allah buyurur: “Verdikləriylə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən... Odur”, yəni sizi yer üzündə əsrdən-əsrə yaşayıb nəsildən-nəslə keçən, sələflərdən sonra onların davamçıları edən Odur. Bu şərh, İbn Zeyd və başqalarına aiddir. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: “Əgər Biz istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq” (“əz-Zuxruf”, 60); “Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!”– dedi” (“əl-Bəqərə”, 30); “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın” (“əl-Əraf”, 129).
Uca Allah buyurur: “...dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur”, yəni sizi ruzi, əxlaq, yaxşı və pis xüsusiyyətlər, görünüş, surət və rəng baxımından müxtəlif yaratmışdır. Bunun hikməti Onun dərgahındadır. Necə ki başqa ayələrdə belə buyurur: “Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik” (“əz-Zuxruf”, 32); “Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər var” (“əl-İsra”, 21).
Uca Allah buyurur: “Verdikləriylə sınamaq üçün...”, yəni sizə verdiyimiz nemətlərlə sizi imtahan etmək üçün zəngini zənginliyi ilə sınayıb ondan şükür edib-etmədiyini soruşmaq, kasıbı isə kasıblığı ilə sınayıb ondan səbir edib-etmədiyini soruşmaq üçün.
Muslim “Səhih” əsərində Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Həqiqətən, dünya şirin və qəlbə yatandır. Uca Allah dünyada nə əməllər etdiyinizi görmək üçün sizi orada xəlifə etmişdir. Odur ki, dünyadan çəkinin. Qadınlardan da çəkinin. Həqiqətən, İsrail oğulları arasında ilk fitnə qadınlara görə olmuşdur”. (Muslim (2/321). (Əhməd Şakir). Muslim, 4925, 7124).
Uca Allah buyurur: “Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. Bu həm qorxutma, həm də təşviqdir. Uca Allah Ona asi olanları və elçilərinə qarşı çıxanları tezliklə hesaba çəkib əzab verəndir. Onu sevən, elçilərinin gətirdikləri xəbərlərə və əmrlərə tabe olan kəslərə qarşı isə “Bağışlayandır, Rəhmlidir”.
Uca Allah Quranda bu iki sifəti (cəza vermək və rəhm etmək) birlikdə çox zikr edir. Məsələn, bu ayələrdə olduğu kimi: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (“əl-Hicr”, 49-50); “Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq tövbə edənləri bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir” (“ər-Rəd”, 6). Ümid və qorxu ehtiva edən başqa ayələr də var. Bəzən Uca Allah Cənnəti vəsf etməklə və Öz dərgahında olan nemətlərə rəğbətləndirməklə qullarını ümidləndirərək Özünə tərəf çağırır. Bəzən isə Cəhənnəmi, orada olan qandalları və əzabı zikr etməklə, habelə Qiyaməti və o gün baş verəcəkləri xatırlatmaqla qullarını qorxudaraq Özünə tərəf çağırır. Hər kəsə öz halına görə təsir etsin deyə bəzən bununla, bəzən də onunla çağırır. Uca Allah bizləri əmrlərinə itaət edən, qadağan edib çəkindirdiklərini tərk edən, xəbər verdiklərini təsdiqləyən qullarından etsin! Həqiqətən, O qullarına yaxındır, dualarını eşidib qəbul edəndir. Səxavətlidir, əvəzsiz bəxş edəndir.
İmam Əhməd Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Əgər mömin Allah yanındakı (rəhmətini nəzərə almadan) əzabı bilsəydi, heç kəs Onun Cənnətinə tamah etməzdi. Kafir də Allah yanındakı (əzabı nəzərə almadan) rəhməti bilsəydi, heç kəs Onun Cənnətindən ümidini kəsməzdi. Uca Allah yüz rəhmət yaratmış, biri-birilərinə rəhm etsinlər deyə bunlardan yalnız birini yaratdıqları arasında paylamışdır. Doxsan doqquz rəhmət isə Allah dərgahındadır”. Hədisi ət-Tirmizi də rəvayət etmiş və həsən olduğunu demişdir. Həmçinin Muslim də rəvayət etmişdir. (Əhməd (10285); Muslim (4948, 7155). Muslimin rəvayətndə “Uca Allah yüz rəhmət yaratmış...” cümləsi yoxdur. Bu hissə Muslimin başqa bir hədisində (2/324) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunub. (Əhməd Şakir). Muslim, 4944, 7150).
 
“əl-Ənam” surəsinin təfsiri bitdi.
Həmd olsun aləmlərin Rəbbi Allaha!