Boş vaxtımın hədər getməməsi üçün nə edim?

    09.07.2014
Sual: 
As Salamu Aleykum Ve Rehmetulah Ve Bereketuh. Ilk önce bele bir sayt yaratdığınız üçün size teşekkür edirem. Ve size bele bir sual soruşmaq istiyirem. Men namaz qılır oruc tutram. Lakin bununla bele boş vaxtlarım olur. Boş vaxtlarımın heder getmemesi üçün ne edim?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Hər şeydən öncə bilmək lazımdır ki, vaxt Uca Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdən biridir. Uca Allah bəzən hətta vaxta and içir. Uca Allah buyurur: "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa". (əl-Asr, 1-3).
Vaxt mühüm və bir nemət olduğu üçün Uca Allah ona and içir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Beş şeydən öncə bu beş şeyə fikir verin: Ölməmiş ikən həyatınıza; Xəstələnməmiş ikən can sağlığınıza; Məşğul olmamışdan öncə asudə vaxtınıza; Qocalmamışdan öncə cavanlığınıza; Kasıblamamışdan öncə zənginliyə". ("Sahih əl-Cəmi", 1077).
Lakin insanların əksəriyyəti bu nemətin əhəmiyyətindən xəbərsizdirlər və vaxt ilə bağlı vəzifələrinə səhlənkar yanaşırlar, yəni bu vaxtı şükür, zikr, dua, Uca Allaha ibadət və itaətlə keçirməkdə laqeydlik nümayiş etdirirlər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "İki nemət var ki, insanların çoxu bu ikisində aldanmışlar: can sağlığı və asudə vaxt". 
ət-Tibi (radıyəllahu anhu) belə rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanı (öz əməllərindən cavabdeh) sərmayədar və qazanc əldə edən, eyni zamanda öz sərmayəsini qorumaq istəyən bir tacirə bənzətmişdir. Bunu həyata keçirmək üçün yol saleh insanlar axtarmaqdır. O özü doğru-dürüst olmalı və aldanmamaq üçün ağıllı hərəkət etməli, məharətli olmalıdır. Yaxşı səhhət və asudə vaxt bizim sərmayəmizdir, Allahla iman ilə əlaqə qururuq, nəfsimizin şərli istəklərindən, meyillərindən və dinimizin düşmənindən, yəni şeytandan qorunmalıyıq, ona qarşı mübarizə aparmalıyıq ki, bu dünya və axirətdə ən xeyirli olana nail olaq. Bu, Uca Allahın ayədə bildirdiyinə bənzəyir: "Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?". (əs-Saff, 10)". (əl-Buxari, 6412).
Nəfsin əmrlərinə tabe olmaqdan çəkinməli və şeytandan uzaq olmalıyıq ki, həm sərmayəmizi, həm də qazancımızı itirməyək. Bir halda ki, vaxt bu qədər mühümdür, elə isə müsəlmanın boş vaxt anlayışı olmamalıdır, müsəlman bir ibadətdən sonra digərinə, bir itaətdən sonra isə digər itaətə keçməlidir. Bütün vaxtını bir itaət və ibadətdən digərinə dəyişməklə keçirə bilmirsə, o halda vaxtını mübah, icazə verilən şeylərlə keçirə bilər. Lakin bunu edərkən niyyətinin doğru olduğundan əmin olmalıdır ki, bununla o savab qazansın. Necə ki, Muaz (Allah ondan razı olsun) demişdir: "Oyanıram və yatıram, oyanarkən ümid etdiyim şeyi, yatdığımda da ümid edirəm". (əl-Buxari, 6923; Muslim, 1854). Həmçinin Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Adəm övladı Rəbbi qarşısında beş şeydən hesab soruşulmadıqca qiyamət günü ayağını ayağının üstündən götürə bilməz: Ömrünü necə yaşayıb, cavanlığını necə keçirib, sərvətini necə toplayıb və hara xərcləyib, öyrəndiyi elmə necə əməl edib". (ət-Tirmizi, 2416; əl-Əlbəni: "Sahihul-Cəmi", 7299).
Madam ki, vaxt bu qədər mühümdür, elə isə müsəlmanın boş vaxt anlayışı olmamalıdır. Həmçinin öz vaxtını faydalı işlərə sərf etməsi üçün insanda əzm və qətiyyət olmalıdır. Bu problemin həlli istiqamətində aşağıdakılara nail olmaq üçün səy göstərməlidir:
1. Zikrlər oxumaq, namaz qılmaq, Quran oxumaq, oruc tutmaq və Uca Allahın ayələri və nemətləri üzərində təfəkkür etməklə ibadət etmək;
2. Qurana xüsusi diqqət yetirmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Oxu və (məqamca Cənnətin dərəcələrinə) yüksəl, bu dünyada tərtil (ağır-ağır) ilə oxuduğun kimi elə oxu, çünki sənin (axirətdə) məqamın oxuduğun son ayəyə görə müəyyən olunacaqdır". (Əbu Davud, 1464; əl-Əlbəni: "əl-Sahihə" əsərində (№: 2240) hədisi "səhih" olaraq təsnif etmişdir).
3. Həmçinin bildiklərinizi öyrədib paylaşmaq. Uca Allahın dərgahında ən üstün ibadətlərdən biri də elmi öyrəndikdən sonra insanlara öyrətməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənib, onu insanlara öyrədəndir". (əl-Buxari və Muslim).
4. Görüşmək və bir araya gəlmək üçün yaxşı və saleh dostlar tapmaq;
5. Faydalı, xüsusilə də İslami kitablar oxumaq;
6. İslama, haqqa, əxalaqa və dini mənəvi dəyərlərə dəvətlə məşğul olmaq;
7. Xütbələrə və dərslərə qulaq asmaq, icmallar yazaraq digərlərinin faydalanması üçün bunları paylaşmaq;
8. Dünyəvi elmlərdən və ya işlərdən sizə və ətrafdakılara faydalı olanları öyrənmək. Məsələn, kompüter proqramlarıni bilən həm dəvət üçün həm də dünyəvi işləri üçün bu bilikdən istifadə edə bilər. Televizora baxmağı mümkün qədər azaltmaq.
9. Vaxtın əhəmiyyəti, qiymətindən və onu necə keçirməkdən bəhs edən bəzi kitablar mütaliə etmək. Bu mövzuda həmçinin bəzi faydalı xütbələrə də qulaq asa bilərsiniz. Ərəblərdə belə bir atalar sözü var: "Vaxt qılıncdır. Əgər sən onu kəsməsən. Onu səni mütləq kəsəcəkdir". (İbn əl-Qeyyim: "əd-Dəu va əd-Dəvau - Dərd və Dəva" kitabı, 232-250). 

Paylaş: