Zülqərneyn peyğəmbərdirmi və digər suallar

    10.07.2014
Sual: 
As Salamu Aleykum. menim bir nece sulim var. 1-Zülqarneyn peygemberdir? 2-Peygemberlerin sayi 124000-dir? 3-Miladdan evvel yaşamış peygemberler var? 4-En uzunömürlu peygember hansi olmusdur?
Cavab: 

Aleykum salam.
1. Bu məsələdə ixtilaf olsa da, səhih olan görüş odur ki, Zülqərneyn peyğəmbər yox, sadəcə Allah yanında hörmətli şəxs və kəramət sahibidir.  Əli ibn Əbu Talib (Allah ondan razı olsun) deyib ki, Zülqərneyn əməlisaleh bir Allah bəndəsidir; o, Allahı sevib və Allah tərəfindən sevilib”.
Daha ətraflı: Zülqərneyn kimdir?
2. Qurani kərimdə 25 peyğəmbərin adı çəkilir, amma hər ümmətə peyğəmbərlərin göndərildiyi bildirilir:
"Elə bir ümmət yoxdur ki, onun içindən qorxuducu bir peyğəmbər gəlib-getməsin". (Fatir, 24).
"Biz hər bir peyğəmbəri öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin". (İbrahim, 4).
Peyğəmbərlərin (Allahın onlara salamı olsun) sayı ilə bağlı hədisdə bildirilir ki, yer üzünə 124 min nəbi, 313 rəsul göndərilmişdir. (İbn Hibban "Səhih", 2/77).
3. Əgər peyğəmbərliyin tarixi ilk insan Adəmdən (aleyhi-s-sələm) başlayırsa, təbii ki, miladdan qabaq peyğəmbərlər (Onlara Allahın salamı olsun) olub.
4. Bir çox rəvayətlərə və Qurandakı bəzi ayələrə əsasən ən uzun ömürlü peyğəmbər Nuh (aleyhi-s-sələm) olduğu deyilir. Uca Allah buyurur: "Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı". (əl-Ənkəbut, 14).
Bu ayənin təfsirinə əsasən İbn Abbas və bir çox təfsirçilər və islam tarixçiləri deyirlər ki, Nuha (aleyhi-s-sələm) peyğəmbərlik veriləndə 480 yaşı var idi. Peyğəmbərlikdən sonra yer üzünü büs-bütün bürümüş tufan hadisəsinə qədər Nuh (aleyhi-s-sələm) qövmünün yanında 950 il qalıb onları tövhid (tək Allaha ibadət) dininə dəvət etdi. Onlar həmçinin bildiriblər ki, bu tufan hadisəsindən sonra da Nuh (aleyhi-s-sələm) 350 il yaşayıb. Ümumilikdə bütün bu illəri hesabladıqda yaşadığı ömür 1780 il bəlli olur. Ən doğrusunu Allah bilir. İbn Cərir, əl-Əzraqi, Abdur-Rahmən ibn Səbit və bir çox tabiinlərin (səhabələrin ardıcılları) rəvayətlərinə görə Nuhun (aleyhi-s-sələm) qəbri Məkkədə Məscidul Haram ətrafındadır.

Teqlər: 
Paylaş: