Allahın nemətləri

    07.07.2014

Uca Allah buyurur: "Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. 
Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər. Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir"
(ən-Nəhl, 3-18).

Paylaş: