Tövrat və İncil təhrif olunmuşdur

    19.07.2014

Allah təala Qurani Kərimdə Kitab əhlinin - yəni yəhudi və xaçpərəstlərin onlara nazil edilmiş kitabları təhrif etdiyini və dəyişdirdiyini bildirir. Yəhudilər barədə Uca Allah belə buyurur:
“Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75).
Həmçinin buyurur: “Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir” (ən-Nisa, 46).
Nəsranilər barəsində isə Allah belə buyurur:
“Biz xaçpərəstik! – deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir(əl-Maidə, 14).
Bu ayələrdən, yəhudilərin və xaçpərəstlərin müqəddəs kitabları təhrif edərək dəyişdirdikləri aydın olur. Bu təhrif isə bəzən nəyi isə artırmaqla, bəzən də nəyi isə əskiltməklə olur. Uca Allah buyurur:
“Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 15).
Qeyd etdiyimiz ayələr kitab əhlinin ümumilikdə Allahın kəlamını təhrif etmələri barədə idi. Bundan əlavə Tövrat və İncilin təhrif olunmaları barədə ayrıca dəlillər də vardır. 
Tövratın təhrif olunması barədə Uca Allah buyurur:
“De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər” (əl-Ənam, 91).
Yəni Musanın gətirdiyi Kitabı gizlədərək, onu, habelə Peyğəmbərin gələcəyi barədə olan dəlilləri təhrif etməklə istəklərinizə nail olmaq istəyirsiniz. Uca Allah həmçinin buyurur:
“Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). 
Burada Tövrat nəzərdə tutulur. Onlar onu dəyişdirmişdilər. Onlar Allahın nazil etdiyi Tövratı təhrif edərək, oradakı haramları halal, halalları isə haram etmiş, haqqa batil, batilə isə haqq donu geyindirmişdilər.
İncilin təhrif olunması barədə isə Uca Allah buyurur:
“Biz xaçpərəstik!”– deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15).
Uca Allah onların bir çox məsələləri dəyişdirib təhrif etdiklərini, ayələri başqa mənaya yozduqlarını və Allaha iftira yaxdıqlarını bəyan edir. Bir çox şeylər də artıq və mənasız olduğu üçün bunları bəyan etmir. Bütün bu qeyd olunan ayələr Tövrat və İncilin təhrif olunduğuna dəlalət edir.

Paylaş: