“Sirrin sahibi” ləqəbli səhabə

    27.07.2014

Huzeyfə ibn Yəmən ibn Cabir əl-Əbsi Peyğəmbərin məşhur səhabəsidir. “Sirrin sahibi” ləqəbi ilə tanınmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - münafiqlərin adlarını yalnız ona bildirmişdi. O, hicrətin 36-cı ilində, Osman ibn Əffanın vəfatından qırx gecə sonra vəfat etmişdir. Huzeyfənin fəzilətinə dair rəvayət edilir ki, İbrahim demişdir: “Bir dəfə Əlqəmə Şama getdi və məscidə daxil olub: “Allahım, mənə əməlisaleh bir həmsöhbət yetir!”– dedi, sonra da gedib Əbu Dərdanın yanında oturdu.
Əbu Dərda ondan: “Kimlərdənsən?”– deyə soruşdu.
Əlqəmə: “Kufəliyəm”– deyə cavab verdi.
Əbu Dərda soruşdu: “Məgər özündən başqa heç kəsin bilmədiyi sirrin sahibi sizin aranızda deyilmi?” Bunu deyəndə o, Huzeyfəni qəsd edirdi.
Əlqəmə: “Elədir!”– dedi.
Əbu Dərda soruşdu: “Məgər Allahın Öz peyğəmbərinin xahişi ilə şeytandan qoruduğu kimsə sizin aranızda deyilmi?!” Bunu deyəndə o, Əmmarı nəzərdə tuturdu.
Əlqəmə: “Elədir!”– dedi.
Əbu Dərda soruşdu: “Məgər misvak daşıyan kimsə və etibarlı olan birisi sizin aranızda deyilmi?!” Bunu deyəndə o, Abdullah ibn Məsudu nəzərdə tuturdu.
O: “Elədir!”– dedi...” (Səhih əl-Buxari, 3743). 

Paylaş: